Nağıllar Yusif Vəzir Çəmənzəminli (1887–1943) Biri var imiş, biri yox imiş, bir padşah var imiş. Bu padşahın da bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib, o bir gün çiçəkini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesə imiş, on beş yaşında oğlan olar imiş. Sizə kimdən deyim – padşahdan. Bu padşah həmişə səhər vaxtı olanda durub, gedərmiş bağa ki, almanı dərib, yesin, görərmiş ki, alma qırılıb; gör, peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib, böyük oğlunu yanına çağırır. Oğul atasının qulluğuna gələn kimi baş əyib, deyir: – Ata, sənə fəda olum, mənə nə qulluq? Atası deyir: – Belə də iş olar ki, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyim?! Gərək nə təhər olsa, alma oğurlayanı tutsaq ki, tənbeh olunsun! Oğlan atasının əlindən öpüb, çıxdı və ox-kamanını götürüb, dava libasını geyib, bağa getdi. Oğlan bir saat gözlədi, iki saat gözlədi, səhər almanın yetişən vaxtı yuxu bunu tutub, yatdı. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdur – dərilmişdi. Padşahın böyük oğlu gör, peşman evə qayıtdı. O biri gün padşah ortancıl oğlunu yanına çağırıb, dedi: – Belə də iş olar ki, mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyim?! Gərək nə təhər olsa, alma oğurlayanı tutsaq ki, tənbeh olunsun! Ortancıl oğul atasının əlindən öpüb, çıxdı və ox-kamanını götürüb, dava libasını geyib, bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib, axırda alma yetişən vaxtı yuxuya gedib, yatdı və bir zaman ayılıb gördü ki, alma ağacda yoxdur – yenə dərilmişdi. Padşahın ortancıl oğlu da gör, peşman evə qayıtdı. Bu xəbəri padşahın balaca oğlu Məlik Məhəmməd eşidicək, atasının yanına gəldi və çox ədəblə baş əyib, dedi: – Ata, izn ver bu səfərdə alma ağacının keşiyini mən çəkim. Atası dedi: – Səndən böyük qardaşların deyirdilər, alma ağacının keşiyini çəkib, oğrunu tutacağıq; heç zad çıxmadı. İndi sən gedib nə qayıracaqsan? Məlik Məhəmməd bir də atasından təvəqqe elədi ki, ona izn versin. Atası izn verdi və Məlik Məhəmməd kefi kök, damağı çağ qayıdıb, öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlik Məhəmməd qıvraq geyinib, ox-kamanını götürüb, bağa getdi. Məlik Məhəmməd də o biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Nə eləsin? – Xəncərini cəld qından çıxardıb, barmağının başını yardı və yerinə isti ot, duz tökdü. Gecə tə sübhə kimi barmağının ağrısından yata bilmədi. Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir ki, yer zəlzələ edir. Durub, cəld ağacın dalında gizləndi ki, görsün bu nədir? Və bir vaxt gördü ki, bir div gəlir, adam baxanda bağrı yarılır. Məlik Məhəmməd o saat barmağını dişlədi: Ay hay, almanı aparan bu imiş! Div gəlib alma ağacına yaxınlaşanda Məlik Məhəmməd birdən qılıncı onun başına elə vurdu ki, qılınc zərbdən iki parça oldu. Div o saat qayıdıb, nərə vura-vura qaçdı. Sabah olan kimi Məlik Məhəmməd almaları yığıb, bir məcməyiyə qoydu və üstünə də bir örtük çəkib, atasına apardı. Padşah almaları görcək, çox şad oldu; oğlunun əlindən öpdü. Məlik Məhəmməd atasına dedi: – Ay ata, izn ver qanın izi ilə gedib, divi öldürüm. Padşah razı oldu. Məlik Məhəmmədə bir qədər qoşun verib, o biri oğlanları yenə də ona qoşub, yola saldı. Az gedib, uz gedib, dərə-təpə düz gedib, bunlar bir quyuya rast gəldilər. Bu quyunun ağzında bir dəyirman daşı qoyulmuşdu. Padşah oğlanları istədilər bu daşı götürüb, içəri girsinlər. Əvvəl böyük oğlan daşa yapışdı və nə qədər çalışdı yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdısa da, daşa gücü çatmadı. Növbət Məlik Məhəmmədə yetişdi: bu daşa yapışdı və bir dəfə güc verib, daşı götürdü, kənara atdı. Daşı atandan sonra, divin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib, dedi ki, gərək məni sallayasınız. Dedilər «yaxşı». O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az getmişdi ki, bərk çığırdı: – Ay yandım, çəkin! Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib, dedi: – Məni quyuya sallayın, divin dalınca gedim. Yenə razı oldular; kəndiri belinə bağlayıb, quyuya salladılar. Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan bərk səs gəldi: – Ay yandım, çəkin! Yenə çəkdilər. Axırda növbət Məlik Məhəmmədə yetişdi. Məlik Məhəmməd qabağa yeriyib, dedi: – Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın! Məlik Məhəmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı: – Ay yandım, çəkin! Bu sözlərə qulaq asmadılar. Məlik Məhəmməd bir az aşağı enmişdi, gördü ki, daha quyuda yavaş-yavaş isti azalır. Quyunun təkinə çatan kimi o yana bu yana baxıb, gördü bir yol var. Belindən kəndiri açıb, yolu ilə getdi. Məlik Məhəmməd bir az getdi, qabağına bir qapı çıxdı. Qapını açıb, bir boş otağa girdi. Bu otağın qapısını açdı, bir ayrısına girdi. Onun qapısını açdı… Belə-belə Məlik Məhəmməd altı qapı açdı, yeddincisini açdıqda, az qaldı ağlı başından çıxsın: burada sandal taxtın üstə elə bir nazənin sənəm əyləşmişdi ki, yemə, içmə, onun xət-xalına, gül camalına tamaşa et. Bu qızın dizi üstə bir div başını qoyub, yatmışdı. Qız Məlik Məhəmmədi görcək dedi: – Ay cavan, kimsən, nə karasan? Heyfsən, qaç gizlən, div yaralanıb, acığı tutub, ayılar, səni bir dəqiqə sağ qoymaz. Məlik Məhəmməd dedi: – Mən elə bu divi öldürməkdən ötrü bura gəlmişəm. Məlik Məhəmməd xəncərini çıxardıb, divin ayağını dələməyə başladı. Div gözlərini açıb, qıza dedi: – Qoyma ayağımı mılçıq yedi. Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div gözlərini açıb, çığırdı: – Qoyma, ayağımı mılçıq yedi! Üçüncü dəfə Məlik Məhəmməd divin ayağını dələndə, div yerdən qalxıb, qıza bir şapalaq vurdu ki «Sənə demirəmmi, ayağımı mılçıq yedi?!» Bu halda Məlik Məhəmməd yerindən şir kimi sıçrayıb, div ilə güləşməyə başladı. Bunlar qırx gün qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda div gücdən düşüb, dedi: – Hər kəssən, bura gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik. Məlik Məhəmməd razı oldu. Div başını yenə qızın dizi üstə qoyub, yatdı. Qız Məlik Məhəmmədə dedi: – Ay cavan, o taxçada bir şüşə var, bu divin canı o şüşədədir. Onu sındırmasan, bu divə güc gətirə bilməyəcəksən. Məlik Məhəmməd sıçrayıb, taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir göyərçin çıxıb, uçanda, Məlik Məhəmməd göyərçini tutdu. Bu halda div yerindən qalxıb, yalvarmağa başladı: – O göyərçinə dəymə, dünyada nə istəyirsən sənə verim, o göyərçini öldürmə – o mənim canımdır. Məlik Məhəmməd qəbul etməyib, dedi: – Mən elə axtardığım bu göyərçin idi! Sonra göyərçinin başını üzüb, yerə atdı, həmən saat div gurultu ilə taxtdan düşüb, öldü. Sizə kimdən deyim, Məlik Məhəmməddən – divi öldürəndən sonra, başını qızın dizi üstə qoyub, doyuncə rahat oldu və sonra durub, o biri otağa keçdi. Məlik Məhəmməd bir də gördü ki, burada əvvəlkindən gözəl bir qız oturubdur; bunun da dizi üstə bir div yatıb. Qız Məlik Məhəmmədi görcək dedi: – Ay cavan, yazıqsan, qayıt gizlən: indicə div ayılar, səni parça-parça edər. Məlik Məhəmməd dedi: – Qorxma, ay qız, bunu da öldürəcəyəm! Məlik Məhəmməd xəncərini çıxardıb, divin ayağını dələməyə başladı. Div gözlərini açıb, qıza dedi: – Qoyma ayağımı mılçıq yedi. Məlik Məhəmməd bir az sakit olub, yenə başladı. Div yenə gözlərini açıb çığırdı: – Qoyma ayağımı mılçıq yedi! Məlik Məhəmməd üçüncü dəfə divin ayağını dələndə, div yerdən qalxıb, qıza bir şapalaq vurdu ki «Sənə demirəmmi, ayağımı mılçıq yedi?!» Məlik Məhəmməd bu halda yenə sıçrayıb, div ilə güləşməyə başladı. Bunlar yenə qırx gün qırx gecə güləşib, bir-birini yıxa bilmədilər. Axırda Məlik Məhəmməd divi yuxuya verib, taxçadakı şüşəni sındırıb və göyərçini tutub, başını üzən kimi div gurultu ilə yıxılıb, öldü. Məlik Məhəmməd qızın dizi üstə bir az rahat olub, üçüncü otağa girdi. Burada taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl. Elə gözəl idi ki, elə gözəl idi ki; yemə, içmə onun xət-xalına, gül camalına tamaşa et! Məlik Məhəmməd qıza lap ürəkdən aşiq oldu; qızın da gözü Məlik Məhəmmədə düşdü. Qız yalvardı ki, «Ay cavan, heyfsən, qaç gizlən». Məlik Məhəmməd qulaq asmayıb, divin ayağını dələməyə başladı. Bir dələdi, iki dələdi, axırda div ayağa qalxanda bu da qabağa çıxdı. Bunlar yenə qırx gün qırx gecə güləşdilər. Bu divin də canı şüşədə idi, Məlik Məhəmməd şüşəni yerə çırpıb, göyərçinin boğazını üzəndə, div öldü. Məlik Məhəmməd kefi kök, damağı çağ, başını qızın dizi üstə qoyub, yatıb, rahat oldu. Məlik Məhəmməd yuxudan duran kimi qızları yığıb, quyunun təkinə gəldi. Buradaca əvvəl böyük qızın belinə kəndir bağlayıb, yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbət balaca qıza gələndə, qız Məlik Məhəmmədə dedi: – Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram, qardaşların görərlər ki, mən o birilərdən gözələm, bəxillikləri tuta, sənin kəndirini kəsələr. Məlik Məhəmməd razı olmadı. Qız dedi: – İndi ki razı olmayırsan, di barı bu dediklərimə qulaq as: sənin kəndirini kəsəcəklər, quyunun təkində qalacaqsan. O vaxt döyüşə-döyüşə iki qoç gələcək: biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq. Onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi işıqlı dünyaya çıxarsan; qara qoça minsən gedib, qaranlıq dünyaya çıxacaqsan. Məlik Məhəmməd qızın sözlərinə qulaq asandan sonra, belinə ip bağladı. Kiçik qız quyudan çıxanda qardaşlar onu görüb, ağılları başlarından çıxdı, dedilər: «Bəs Məlik Məhəmməd kiçik qardaş ola-ola belə gözəl qızı özünə götürsün?!» Bunların bəxilliyi tutdu, odur ki, yarı yoldan Məlik Məhəmmədin kəndirini kəsdilər, o da quyunun təkinə düşdü. Quyuda Məlik Məhəmməd bikef oturmuşdu. Bir də gördü qız deyən ağ qoç ilə qara qoç budur, döyüşə-döyüşə gəlir. Ağ qoç vurdu, qara qoçu qovdu. Məlik Məhəmməd o saat sıçrayıb, ağ qoçun belinə mindi; amma ağ qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlik Məhəmmədi bir baş götürüb, qaranlıq dünyaya apardı. Buradaca Məlik Məhəmməd yorğun halda bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxdı da, ağacın başından çoxlu quş balalarının səsi gəldi. Demə, bu ağacda zümrüd quşunun yuvası var imiş. Bu zümrüd quşu hər vaxt ki yumurtadan bala çıxardıb, bəsləyərmiş, balalar böyüklənəndə əjdaha gəlib, onları yeyərmiş, zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə əjdaha ağaca dırmaşırmış ki balaları yesin. Məlik Məhəmməd bunu görcək, cəld qılıncı çəkib, əjdahanı iki parça elədi. Sonra gəlib, ağacın dibində yatdı. Sizə kimdən deyim – zümrüd quşundan. Bu zümrüd quşu balalarına dən gətirməyə getmiş imiş; qayıdıb gələndə, ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu imiş. Cəld gedib, dimdiyinə bir iri daş alıb, istədi qaraltının üstünə salsın, balaları yuvadan çığırışıb, qoymadılar; dedilər ki: «Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, bizim canımızı qurtardı». Zümrüd quşu daşı kənara atıb, endi, qanadlarını Məlik Məhəmmədin üstünə çəkdi. Məlik Məhəmməd yuxudan ayılıb, quşdan çox qorxdu. Quş dedi: – Hər kəssən, nə karəsən, qorxma, mən sənə pislik eləmərəm. Mən neçə ildir bu əjdahanın əlindən bala üzünə həsrət idim; indi sən mənim balalarımı qurtardın. Bu yaxşılığın əvəzində məndən nə istəyirsən eləyim. Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb, quşa nağıl elədi və dedi ki: – Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart. Zümrüd dedi ki: – Onda gərək qırx şaqqa ət, qırx tuluqda su alıb, gətirəsən. Məlik Məhəmməd aldı, bunların hamısını hazırladı. Əti quşun bir qanadının üstə qoydu, suyu da birinə. Özü də zümrüdün belinə mindi, yola düşdülər. Quş göyün üzünə qalxdı və qaranlıq dünyadan uzaqlaşmağa başladı. Məlik Məhəmməd aşağı baxdı; gördü ki, yer xəlbir kimi görünür. Bir azda qalxdılar. Məlik Məhəmməd bir də baxdı, gördü ki, yer lap gözdən itib. Elə quş hər vaxt «qa» dedi, Məlik Məhəmməd ətdən verdi; «qu» dedi – sudan verdi. Elə işıqlı dünyaya bircə mənzil qalmışdı ki, ət qurtardı; quş «qa» deyəndə Məlik Məhəmməd müəttəl qaldı. Nə eləsin? Əlacı kəsildi, pıçağı çıxardıb, baldırının ətindən kəsib, quşa verdi. Zümrüd quşu gördü ki, bu ət o biriətlərə oxşamır – bu çox şirindir. Quş əti dilinin altına qoydu, balalarına saxladı. Bir mənzil də qurtardı. Zümrüd quşu Məlik Məhəmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub, dedi: – Di get! Məlik Məhəmməd dedi ki: – Sən get, mən özüm gedərəm. Olmadı. Zümrüd dedi: – Gərək gedəsən! Məlik Məhəmməd axsaya-axsaya getməyə başladı. Zümrüd dedi ki: – Ay oğlan, səbəb nədir ki, sən axsayırsan? Məlik Məhəmməd açıb, nağıl elədi, dedi: – Daha nə gizlədim. Sənə sonra verdiyim ət baldırımın əti idi. Quş o saat dilinin altından əti çıxardıb, Məlik Məhəmmədin baldırına yapışdırdı. Tüpürcəyi ilə də sürtüb, yaxşı elədi. Sonra quş tükündən çıxardıb, bir az Məlik Məhəmmədə verdi, dedi ki: – Hər vaxt dara düşsən, bu tükləri yandır; mən o saat gəlib, səni qurtararam. Quş sözünü deyib, uçub, getdi. Məlik Məhəmməd də yavaş-yavaş gəlib, bir dərzi dükanının qabağına çıxdı və dedi ki: – Ay usta, Allah rizasına, məni yanında şagird saxla. Ustanın buna yazığı gəlib, saxladı. Aradan bir az keçdi. Məlik Məhəmməd şagirdliyində yamaq, sökük tikirdi, ustasına xidmət eləyirdi. Bir gün adam gəldi ki: «Padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin». Dərzi sevinə-sevinə qayçısını da götürüb, padşahın imarətinə getdi. Məlik Məhəmməd bir az oturub, sonra dükanı bağlayıb, bir dar küçəyə getdi; zümrüd quşunun tükünü çıxardıb, yandırdı. O saat zümrüd quşu hazır olub, dedi: – Mənə görə nə qulluq? Məlik Məhəmməd dedi ki: – Bu saat mənə bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı gətir. Zümrüd «baş üstə» deyib, uçub getdi; bir az çəkmədi ki, Məlik Məhəmməd dediyi şeylər hazır oldu. Məlik Məhəmməd paltarını soyunub, qıs-qıvraq geyindi: qılıncını belinə bağladı, qalxanı qoluna taxdı, bir baş atı padşahın evinin qabağına sürdü. Buradaca qırmızı geyimli qoşun düzülmüş idi, şəhər camaatı tamam tamaşaya yığılmışdı, padşahın böyük oğlu da at çapırdı. Məlik Məhəmməd atı meydana salıb, bir o başa çapdı, bir bu başa çapdı, sonra qılıncını çıxardıb, padşahın böyük oğlunun boynunu vurdu. Qoşun biri birinə qarışdı. Camaat biri birinə dəydi. Hamı Məlik Məhəmmədin dalısınca tökülüb, onu oxa basdılar. Məlik Məhəmməd atı çapıb, bir dəqiqədə gözdən itdi. Yenə gəlib, həmən küçədə tükü yandırdı. Zümrüd hazır olanda paltarları, atı verib, dükanı açıb, oturdu. Bir azdan sonra dərzi başına gözünə döyə-döyə dükana gəldi. Məlik Məhəmməd durub, yalandan ustasının o tərəfinə bu tərəfinə keçib, dedi: – Ay usta, qurbanın olum, nə olubdur? Usta dedi: – Nə olacaq, padşahın evinin qabağında at çapışmada haradansa, suya dönmüş sarı paltarlı bir atlı gəlib, bir az o başa bir az bu başa çapıb, birdən qılıncını çəkib, padşahın oğlunun boynunu vurdu. Dalınca tökülüdülər, tuta bilmədilər. Məlik Məhəmməd yalandan bir az heyfsinib gedib, yerində oturdu. Aradan bir neçə vaxt keçdi, padşahın böyük oğlunun qırxı çıxdı. Bir gün yenə adam gəldi ki: «Padşah ortancıl oğluna toy eləyir; usta gəlsin paltar biçməyə». Dərzi sevinə-sevinə qayçısını götürüb, yola düşdü. Məlik Məhəmməd də dükanda qaldı. Usta gedəndən bir azca sonra Məlik Məhəmməd yenə durub, dükanı bağladı. Həmən küçəyə gedib, zümrüdün tükünü yandırdı. O saatda zümrüd hazır olub, dedi: – Mənə görə nə qulluq? Məlik Məhəmməd dedi: – Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir qırmızı at gətirərsən! Zümrüd «baş üstə» deyib, bir dəqiqədə gedib, atı, paltarı gətirdi. Məlik Məhəmməd qıs-qıvraq geyinib, padşahın imarətinə tərəf getdi. Orada yenə qoşun, camaat düzülüb, padşah oğlunun at çapmağına tamaşa edirdi. Məlik Məhəmməd atı meydana salıb, bir o başa bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başını qılınc ilə vurub, qaçdı. Qoşun nə qədər onun dalınca çapdısa, tuta bilmədi və ox atdılarsa da dəymədi. Camaat, qoşun təzədən qara geyib, yasa batdı. Məlik Məhəmməd paltarını dəyişib, dükana gəldi. Yenə dərzi başına gözünə döyə-döyə geri qayıtdı. Məlik Məhəmməd dedi: – Ay usta, sənə nə olubdur ki, elə hər yerə gedəndə baş-gözünə döyə-döyə qayıdırsan? Usta dedi: – Mərdümazar kimdirsə, qırmızı paltarlı bir atlı gəlib, padşahın gözünün ağı, qarası bircə oğlu qalmışdı, onun başını vurub, qaçdı. Dalınca nə qədər tökülüdülər də tapa bilmədilər; ox da atdılar, dəymədi. Bu işdən bir neçə vaxt keçdi. İl ötdü, ay dolandı, günlərin bir günü yenə usta ilə şagird dükanda oturmuşdu. Birdən şagird ustaya dedi: – Dur get, padşahı muştuluqla ki, balaca oğlunu tapmışam. Usta cavabında: – Ədə, dəli olmamısan, padşah deməz mi, balaca oğlum haradadır? Onda nə cavab verim? Məlik Məhəmməd başına gələn qəza və qədəri açıb, dərziyə nağıl elədi. Dərzi buradan sevinə-sevinə bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib, yıxıldı. Padşah pəncərədən bunu görcək dedi: – Yəqin dərzidə bir əhval var, gedək bura gətirək! Qul, qara baş tökülüb, dərzini padşahın qulluğuna gətirdilər. Dərzi yetişən kimi, padşaha baş əyib, dedi: – Padşah sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlik Məhəmmədin yerini deyim. Padşah az qaldı özündən getsin. Dedi: – Məlik Məhəmməd quyuda ölməyibmi? Bəs indi haradan gəldi çıxdı? Dərzi dedi ki: – Muştuluq verməsən deməyəcəyəm! Padşah vəd verdi ki, özü ağırlığı qızıl versin. Dərzi Məlik Məhəmmədin başına gələn qəza və qədəri nağıl eləyib, indi də ona şagird olmağını dedi: – Ay məni istəyən, dərziyə xələt! Dərziyə o qədər xələt verdilər ki, çəkib, apara bilmədi. Vəzir, vəkil tökülüb, Məlik Məhəmmədin dalınca getdi. Əvvəl onu hamama aparıb, şahzadələrə layiq paltar geyindirib, sonra atasının qulluğuna apardılar. Padşah oğlunu görcək, onu duz kimi yaladı. Məlik Məhəmməd başına gələn qəza və qədəri atasına nağıl eləyib, dedi: – Ata, böyük qardaşlarımı da öldürən mən idim. Quyuda neçə vaxt divlər ilə əlləşib, üç qız götürmüşdüm. Bəs rəva görülərdimi, onlar mənim kəndirimi kəsib, nişanlımı özlərinə götürə idilər. Padşah ağlaya-ağlaya oğlunun əlindən öpdü və çox şükr elədi ki, Məlik Məhəmməd sağ-salamatdır. Yenidən toya hazırlandılar. Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlik Məhəmmədə verdilər. Qırx gün – qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin, dövrə keçin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-nagillar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.