Qızlar bulağı Yusif Vəzir Çəmənzəminli (1887–1943) Qızlar bulağı Şura Yazıçılarının Ümumittifaq qurultayına Əhməd “Maarif işçisi” klubunda ibtidai cəmiyyətə dair məruzə edəcək idi... Bir çox kitablar oxuyub, notlar tutmuş, lakin topladığı materialı kafi görməmişdi. Mütəxəssislər aşağıdakı əsərlərin də gözdən keçirilməsini ona tövsiyə etmişdilər: F. G n q e l ğ s. Proisxojdenie semği, çastnoy sobstvennosti i qosudarstva. K. K a u t s k i y. Evrei i rasa. Prof. F. B i r k n e r. Rası i narodnosti çeloveçestva. L. K r j i v i ü k i y. Antropoloqiə. Gd. B. T e y l o r. Antropoloqiə. Akad. B. A. T u r a e v. Klassiçeskiy Vostok. Prof. I. I. M e h a n i n o v. Xaldovedenie. A v e s t a. R i g v ‘ e d a M a s p e r o G a s t o n. Nistoire ancienne des reurles de Orient. R o b i n L. La rensee grecque. A. L a r d e La formation du reurle grec. C. N u a r t La Perse antique et la civilisation Iranienne. D e l a p o r t e. La Mesorotamie (les civilisations babylonienne et assyrienne). P l a t o n. Phedre le bauquet. H e r o d o t e. Nistoire. S t r a b o n. Geograrhie. X e n o p h o n. Oeuvres comrletes. O p p e r t. Les Medes. Bunlardan başqa, ibtidai mədəniyyət tarixinə dair yazılan əsərlər, xalq ədəbiyyatı, adət tarixləri, bir çox şərq və qərb səyyahlarından istifadə etməli idi. Əhməd ümumi kitabxana, Lenin kitabxanası, Sibir və Darülfünun kitabxanasını dolaşaraq mütaliəyə davam etmədə idi. Bir gün mütaliə salonuna gətirdiyi kitablardan biri onun diqqətini cəlb etdi: “Yel ulusuna” mənsub Çopo adlı biri tərəfindən yazılmış və XIX əsrin ortasında Avropa dillərinə tərcümə olunmuş bir əsər idi. Əhməd kitabı açıb, böyük maraqla oxumağa başladı. * * * Birinci hissə 1 “Bu gün də son dərsdir”, – deyə hər kəsdə bir sevinc vardı. Qəbilənin hər tərəfindən gələn gənclər axın-axın bağa toplandı. Kəbusey bizdən əvvəl oraya gəlmişdi. Bizim gecikməyimizə işarə olaraq adi istehzası ilə: – Ərənlər, nərədəsiniz? – deyə sordu. Müəllimin gülər simasına qarşı cəsarət edib cavab vermədi. Kəbusey bir ağac kötüyünün üstündə oturub, otun üzərinə yığılan kərpicləri göstərərək: – Dərsinizi bu kərpiclərlə ikmal etməlisiniz, – dedi. – Xoruz qəbiləsinin bütün tarixi burada yazılmışdır. Bunu bilməlisiniz. Bu gördüyünüz güllü-çiçəkli qəbilə əvəzində burada boş bir çöl varmış. Burada qəbilə düzəldən, buranı abad edən midiyalı Cəməsb olmuşdur. Qəbilənin tarixi onun tərcümeyi-halından ibarətdir. Yazıları kərpiclərə özü həkk etmişdir. Indi Ceyniz oxur da, məzmununu bilərsiniz. Ancaq bunu əlavə etməliyəm ki, Cəməsb zərdüşti imiş. Lakin Zərdüştün bəzi qanunlarına etiraz etdiyi üçün vətənini tərk etmək məcburiyyətində qalmışdı. Bu sözlərdən sonra Kəbusey yoldaşım Ceynizi çağırdı və kərpicləri oxumasını rica etdi. Ceyniz ən yaxşı tələbələrindən hesab olunurdu; mixi xətti də gözəlcə oxuyurdu. Zatən müəllimin yazdıqlarını da həmişə kərpicə bu həkk edərdi. Ceyniz sıra ilə düzülmüş kərpiclərdən birincisini götürüb oxudu: – “Ahura Mazda!1 Sənə ən sadiq olan kimdir? Ahura Mazda cavab verdi: – Mənə ən sadiqlər yaxşı fikirli, yaxşı sözlü və yaxşı hərəkətlilərdir! – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, ən savab işlər nədir? Ahura Mazda cavab verdi: – Ən savab işlər susuz yerə su çıxarmaq, ağac əkmək körpü salmaq, zərərli həşəratı öldürməkdir. – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, yer nə demiş? Ahura Mazda cavab verdi: – Yer demiş: məni əkən şad olar, əkməyən isə qəmgin olar. Buğda yerə səpiləndə divlər acıqlanar, buğda dit verəndə divlər hirslənər; buğda sünbül sallayanda divlər çatlar! – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, divlərə xidmət edən kimlərdir? Ahura Mazda cavab verdi: – Divlərə xidmət edən köçəbələrdir, – özləri əkməz, başqalarının da əkinini tapdalar. – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, torpağı, suyu, havanı, atəşi, bütün jenhaları2 təqdis edərəm; çünki onlar sənindir! Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda! Ən fərəhli yer haradır? Ahura Mazda cavab verdi: – Ən fərəhli yer İnsanın ev tikəcəyi yerdir! Ən fərəhli yer çox taxıl əkilən, çəmənliyi olan, bol meyvə ağacları bulunan yerdir! Ən fərəhli yer qadın, çoluqçucuq, heyvan sürüsü və ilxısı olan yerdir! – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, ən əziz heyvan hansıdır? Ahura Mazda cavab verdi: – Ən əziz heyvan pəridardır3, çünki o, sabahın açılmasını xəbər verir. Ən əziz heyvan itdir, çünki sizi köçəbə turanlılardan saxlayır! – Gözə görünən dünyanı yaradan, pak ol! Ahura Mazda, dünyaya dərd verən nədir? Ahura Mazda cavab verdi: – Dünyaya dərd verənlər Əhrimənin4 yaratdıqları divlər, andırlar, nəslər, çorlardır. Dünyanı kədərləndirən soyuq, xəstəlik, qaranlıq, köçəbəlikdir... – Cismani aləmi yaradan, pak ol! Ahura Mazda, Müqəddəs Zərdüştü, işığı, suyu. atəşi, torpağı, havanı, barlı ağacı, jenhanı, yol ayrıcını, taxıl tarlasını, qüvvəti təqdis edərəm; çünki onlar sənindir. Gözə görünən dünyanı yaradan, pak ol!..” Burada Kəbusey Ceynizi dayandırdı: – Övladlarım, – dedi. – Cəməsb bu fikirləri Zərdüştün “Avesta” adlı kitabından almışdır. Onun zərdüşti olduğunu söyləmişdim. Lakin “Avesta”nın bəzi fikirlərinə şərik olmadığı üçün onlardan bəhs etmir. Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. Cəməsb də buna tərəfdardır. Ancaq Cəməsb ağıl irmədiyi yerlərə girişmir. Dünyanı cismani bir xilqət deyə qəbul edir və xoşbəxt yaşamaq yolları arayır. “Muğ”5, ya atırvanların6 “Avesta”ya əlavə etdikləri bir çox təfsirdlərdən iyrənir, onlara heç də əhəmiyyət vermir. Vətənindən çıxmasının başlıca səbəbi də budur. Cəməsbin atırvanlara qarşı yazdığı etirazlardan vaz keçməliyik, – bunlar çox uzundur və həyatınızla əlaqədar deyil. Yazıların maraqlısı Cəməsbin tərcümeyi-halına dair yerlərdir. Burasını oxuyalım. Kəbusey kərpicləri bir-bir gözdən keçirərək, bir hissəsini kənara qoydu, yerdə qalanını yoxlayıb, Ceynizə dedi: – Buradan başla! 2 Ceyniz oxumağa başladı: – Atam Muğandan gəlmiş bir atırvan idi. Çocuq ikən Muğan atəşgədəsində xidmətçiliyə başlamış və eyni zamanda bu atəşgədə yanında dərs oxumuş. “Avesta” qiraətində məharət göstərdiyi üçün təhsilinin ikmalını baş möbid7 öz öhdəsinə götürmüşdü. Sonra dini ayinlər yapmasına icazə verilmişdi. Beş il bu vəzifədə davam etdikdən sonra, Suraqxana atəşgədəsinə baş möbid təyin olunur; Bilaxirə Cəzədəki8 Atırquşəsb məbədinin rəhbərliyinə təyin olunaraq yeddi il orada orada qalır. Bacısı ilə evlənir, bir oğlu və bir qızı da dünyaya gəlir. Cəzənin iqliminə alışmayıb, qızdırmağa başlayır. Həmədanın9 baş möbidi bu xəbəri eşidər-eşitməz bunu Həmədana dəvət edir. Atam buraya gəldikdən bir il sonra mən dünyaya gəlmişəm. Ruhani vəzifəsi irsi olduğu üçün, mən də əvvəl atamın getdiyi yolu təqib etdim. Çocuq ikən atəşgədəyə girib, xidmətçiliyə başladım: atəşgahların külünü təmizlər, odun daşıyar və məbədi süpürərdim. Boş vaxtlarımı atamdan qiraət öyrənərdim. İlk əvvəl “Zend”10 oxumağa başladım. Qiraətimi atam çox bəyənərdi. Palçıqdan yoğrulmuş yaş lövhələr üzərində yazı da həkk edərdim. Yeddi yaşım tamam oldu. Sadiqlik ayini keçməli idim. Sabah tezdən mənə uzun ağ paltar geyindirib, atəşgədəyə apardılar. Məndən başqa atəşgədəyə bir neçə ağ geyimli çocuq da gətirmişdilər. Hamımızı bir yerə topladılar. Ön tərəfdə Şiz adlı bir atırvan olaraq məbədə girdik. Şiz uzunboğaz, arıq və tühaf bir adam idi. Addımlarını atarkən ətəklərindən yel qopardı. Atəşgah qalanıb yanırdı. Möbid üzünün yarısını paitidana11 ilə örtüb, durmuşdu. durmuşdu. Bir tərəfində arvic dedikləri daşın üzərində ət, meyvə, plov, süd, atəş üçün təxsis olunmuş cürbəcür ətriyyat və odun, homa12 budağı, draona13 var idi. O biri tərəfdə mahuru14 üzərinə barəsm15 qoyulmuşdu. Yan tərəfdə cürbəcür qablar düzülmüşdü. Atəşgaha yanaşdıq. Önümüzdə gələn atırvan bizi yarımdairə şəklində odun ətrafına düzdü. Hər kəs susaraq möbidə tamaşa edirdi. Möbid uca səslə: “Çox gözəl, çox yaxşı, əzəmətli, həşəmətli, parlaq xaliq olan Ahura Mazdanın şərəfinə”, – deyə dua başladı. Dua uzun çəkdi. Dinləməkdən yorulduq. Möbid danışdıqca ağzının üzərindəki paitidana tərpənir, gülməyimizə səbəb olurdu. Rəhbərimiz Şiz göz ağardaraq bizi ciddi olmağa dəvət edirdi. Dua bitdi. Möbid mahurunun üstündən barəsmi götürdü və üzünə müqəddəs su çiləyib, ön tərəfinə qoydu. Yenə dua oxumağa başladı. Duanı qurtarıb arvicin üzərindəki əti, südü, meyvələri, atəş üçün təxsis olunan ətirləri və ağacları dualadı. Homanı və şirəsini də bu şeylərə qoşdu. Bunu da qurtardıqdan sonra paitidananı qaldırıb, ətin bir parçasını ağzına qoydu. Bütün atırvanları da dəvət etdi, yeməyə başladılar. Şiz bir quzu budu götürüb, dişinə çəkdi. Yemək zamanı kimsə çocuqları yada salmadı. Ağzımızın suyu axırdı. Çocuqlardan biri Şizin ətəyindən dartıb, ət istədi. Şiz acıqlanaraq, gəmirib qurtardığı sümüyün birini mənə, o birisini də ətəyindən dartan çocuğa uzatdı. Aldıq. Mən ətrafa göz gəzdirib, sümüyü atəşgahın altına atdım. Şiz bunu görüb, son dərəcə dilgir oldu. Ətdən sonra meyvəyə daraşdılar. Atırvanlar sürətlə yeyib, təkrar əllərini arvicə tərəf uzadırdılar. Şizin yanındakı çocuq yenə onun ətəyindən dartdı. Şiz onu itələyərək əlinə bir alma cecəsi verdi. Əlavə olaraq üzümə pis-pis baxmağa başladı. Mən də qaşlarımı çatdım. Rəhbərimizə o qədər darğın idim ki, ayinin qurtarmasını səbirsizliklə gözləyirdim. Təəssüf ki, arvicin üzərindəkini yeyib qurtarmamış ayinə davam etmədilər. Nəhayət, yemək bitdi. Möbid paitidananı ağzının üzərinə salıb yenə duaya başladı. Homa ayini olmalı idi. Möbidin sağ tərəfindəki atırvan homanı doqquz deşikli süzgəcdən keçirib, şirəsini bir kasaya tökdü və atəşgahın önündə əyləşmiş möbidə verdi. Möbid ayağa qalxaraq, kasanı yuxarı qaldırdı və homanın şərəfinə dualar oxumağa başladı. Ayin bitər-bitməz rəhbərimiz Şiz hərəmizin belinə kosti adlanan bir qayış bağladı: belimiz zərdüştiliyə bağlanırmış. Möbid uzun-uzadı nəsihətlər etdi və bizi ruhani rəhbərimiz olan Şizə tapşırdı. On beş yaşına qədər bu adam bizə rəhbərlik edərək sadiq zərdüştilər yetişdirəcəkmiş. Halbuki o, əllərini ac qurd kimi quzu buduna uzadandan bəri ürəyim ondan soyumuşdu. 3 Ay tutulan ili qışın son ayında anam öldü. Meyitini götürüb daxmaya16 apardılar. Daxmanın dörd tərəfi uca hasar idi. Çocuqları içəri buraxmazdılar. Atırvanların arasından sivişib, içəri girdim və üst-üstə yığılmış sümüklərin (skeletlərin) arasında gizləndim. Divarların üzəri qartal və şahin kimi yırtıcı quşlarla dolu idi. Anamın meyitini gətirdilər və çılpaq olaraq bir daş səkinin üzərinə qoyub çəkildilər. Ətrafdan yüzlərcə quşlar tökülüb, meyiti didməyə başladılar. Tüklərini tüləmiş qocaman bir şahin anamın gözlərini diddikdə özümü saxlaya bilməyib qışqırdım. Daxmanın qapısı açıldı, bəkçi başını içəri salıb, qorxu ilə ətrafı süzdü və məni görüncə gözlərinə inanmadı. Əvvəl çəkildi və sonra bir atırvanla içəri girib, məni apardılar. Anamın halını xatırlayaraq ayıldım. Bir də başımın üzərində Şizi gördüm. Abdal və qorxunc gözləri məni hiddətlə seyr edirdi. Üzünə baxdığımı görər-görməz əlini atıb, qulağımdan yapışdı: – Daxmaya çocuqların girməsi yasaq olduğunu bilmirsənmi? – deyə sordu. Cavab belə vermədim. Başıma bir-iki qapaz saldı; mən də ona bir dürtmə vurub, əlindən qurtarıb qaçdım. O birisi gün atəşgədəyə getməyib, hey daxmanın ətrafına dolaşaraq ağladım. Axşam atam məni yanına çağırıb, yavaş səslə dedi: – Oğul, ölüm Əhrimənin məhsuludur. Biz ölümə qarşı zəiflik göstərsək, divləri sevindirərik. Mətanətli ol. Divləri acıqlandırmaq üçün nəşəli görün. Ananın ruhu üç gün himayəsiz qalacaq, üç gündən sonra mühakimə edilərək günəşin himayəsinə veriləcək. Bu üç gündə divlər himayəsizlikdən istifadə edərək, yazığın ruhunu oğurlamağa çalışacaqlar. Divləri dəf etmək üçün qüsl yerində atəş yakmalısan. Onda divlər gəlməzlər, çünki işıqdan qorxurlar. Bunu etmək ağlamaqdan daha faydalıdır. Bacım Jinduqtla birlikdə qüsl yerinə gedib, atəş yakdıq və sabaha qədər orada oturaraq, atəşi sönməyə qoymadıq. Jinduqt kefsiz idi: anamızın ölümündən başqa bunun ayrı bir dərdi olduğu da görünürdü. Gözlərini alovlanan ocağa dikib, acı düşüncələrə dalmışdı. Hərdən bir burnunun tənələri qanadlanıb, gözlərindən yaş süzülürdü. İkimiz bir ocağın qırağında daşın üstündə oturmuşduq. Yan tərəfdən bacıma tamaşa edərək öz dərdimi belə yaddan çıxarmışdım. Sanki yuxudan ayıldım. Jinduqtun kədərləri məndə maraq oyatmağa başladı. Birdən yavaş səslə: – Jinduqt, – dedim, – ümumi dərdimizdən başqa, səndə ayrı bir dərd də olduğunu duyuram. Zərdüşt eşqinə, söylə görüm, nə olmuş? Jinduqt başını qaldırıb, heyrətlə üzümə baxdı və yenə aşağı saldı. Bu dəfə daha da şiddətlə ağladı. Qalxıb gözlərinin yaşını qurutmağa çalışdım. Axırda başını çiynimə söykəyib susdu. Bir az keçmiş təkrar soruşdum: – Jinduqt, – dedim, – səndən kiçik də olsam, yenə qardaşınam. Dərdini mən də bilməyib, kim biləcək?! Jinduqt ah çəkərək köksünü ötürdü və tutqun səslə: – Dərdim böyükdür, bəlkə də əlacsızdır! – dedi. – Əlacsız dərd olarmı? – Görürsən, olur. Sözlərini qurtarıb, Jinduqt üzümə baxdı. Baxışından dərdini anladım: – Atamız evlənəcəkmi? – deyə cəld soruşdum. Jinduqt cavab olaraq ağladı. Məni də düşüncəyə daldırdı. Zərdüşt qanununca kişinin bacısı və qızı ilə evlənməsi savab hesab olunurdu. Qanuna görə Jinduqt atamın arvadı olmalı idi... Çox düşündüm. Əvvəl Zərdüşt ehkamları qalın bir səd kəsilərək fikrimi əhatə etdi; çıxacaq yol bula bilmədim. Hiddətləndim, qısqandım və on dörd yaşında bir çocuq olaraq, acizliyimi duyub, odlandım. Bir-birimizə sığınaraq sabaha qədər atəşin qarşısında oturduq. Xoruz banı bizi sükutdan ayıltdı, qalxıb evə getdik. 4 “Böyük qardaşım Eyzədəsb əyalət atəşgədələrinin birində möbid idi. Bir gün gəlib Həmədana çıxdı. Evlənmək məqsədi ilə gəldiyini sonra anladım. Bu da Jinduqtu nəzərdə tutmuş imiş. Jinduqt məsələni bilirdi. Qardaşım ona təklif etmiş və rədd cavab belə almışdı. Bunların hamısını Jinduqt mənə anlatdı və qəti olaraq dedi: – Nə atama, nə qardaşıma ərə getməyəcəyəm – nə olur-olsun! Mən cavab və məsləhətdən aciz qaldım. Qanunun qüdsiyyətinə inanır və çıxacaq yol bula bilmirdim. Jinduqt isə başqa cür düşünürdü – onun qanunla əlaqəsi az idi; ayinə belə gəlməzdi; qüdsiyyət və qeyri-qüdsiyyətin nə olduğunu anlamazdı. Bunu atam bilirdi və onu qanuna vaqif etmək üçün son vaxtlarda çox çalışırdı. – “Zend”in və “Avesta”nın ayrı-ayrı yerlərini oxuyur, şərh edirdi. Və qanuna tabe olmayanların zəlalətə düşdüklərini dəhşətli hekayələrlə isbat etmək istəyirdi. Bir gün Vendidatı17 açdı, oxudu: “...Müqəddəs qanuna görə sadiqlərin ruhunun təsviyəsi üçün onlara yasdıqla təchiz olunmuş parlaq bir iqamətgahı kim verəcək? – “Müqəddəs qanuna görə bunu sadiq kişilərə vücudu qüsurdan xali, gənc və bakirə bir nişanlı qız verəcək. – Dünyanı yaradan, bu gənc qız kim olmalıdır? Ahura Mazda cavab verdi: – Bu qız kişinin qızı və ya bacısı olmalıdır; ləkəsiz adı, on beşdən yuxarı yaşı olmalı və qulaqlarına qədər cehizə batmalıdır. Bu qız qanuna sadiq kişiyə ərə verilir. Müqəddəs qanuna görə, bu qız ruhunun yaxşılığı üçün sadiqlərə on dörd baş kiçik heyvan verir; on dörd gənc köpək böyüdür; Axar su üzərində 14 körpü salır; Bədənlərinə yara düşüb, pisləşmiş on yeddi it təmizləyir. On yeddi sadiqə ət, çörək, şərbət və şərab paylayır... Atam “Avesta”nı oxuduqca gözləri parlayır və arabir Jinduqta baxırdı. Eyzədəsb atamın ehtiraslı həyəcanından pərt olaraq, qısqanclığından yerində aram tapa bilmirdi. Nəhayət, səbir kasası doldu və hiddətinə malik ola bilməyib dedi: – Ata, qanunu bilirik, təkrar etməyə lüzum yoxdur. Lakin qanun yol versə də sən evlənməkdən vaz keçməlisən. Qardaşımın sözləri bir ox olaraq atamın ürəyinə sancıldı. Haman bağırdı: – Nə? Axırda müqəddəs qanunu təhqir etməyəmi qalxışdın? Sən belə möbid imişsən? Müqəddəs atəşgədəni beləmi idarə edirsən?.. Eyib olsun!.. Qardaşım atamıza qarşı hörməti unudaraq: – Sənə eyib olsun! – dedi. – Qocalıqdan yerindən tərpənə bilmirsən, hələ evlənmək niyyətinə də düşürsən. “Qocalıq” sözü atamı daha da odlandırdı, özündən çıxaraq: – Sus, turani, murdar iskit, – deyə qardaşımı təhqir etdi. Hirsdən ikisinin də gözləri pərdələnib, bir-birinə hücum etməyə başladılar. Eyzədəsb atamı vurub yıxdı, sonra da təpikləməyə başladı. Jinduqtla kənarda durub, bu həngaməyə tamaşa edirdik. Nədənsə atamıza qarşı ürəyimizdə müştərək bir nifrət bəsləyirdik, o döyüldükcə nifrətimiz yavaşıyırdı. Axırda Eyzədəsb qələbə çalaraq atamı tərk edib, Jinduqtun əlindən yapışdı: – Müqəddəs qanuna görə sən mənimsən! – dedi. İndiyə qədər Eyzədəsbin şücaətindən həzz duyan Jinduqt əlini qardaşımın əlində gördükdə diksindi, ikrah edərək ağladı. Mən də gözlərimin yaşlarını susdura bilməyib, Jinduqtu qucaqladım. Bir də qardaşımın yumruqları üzərimə töküldü. Eyzədəsb mənim də məramım olduğundan şübhələnərək məni şiddətlə döyürdü. Mən də məsələni izah etmədən bunu vurmağa başladım...” 5 Kəbusey Ceynizi yenə dayandırdı: – Yəqin yoruldun, – dedi, – dincəl! Yoldaşlarımızda o qədər maraq var idi ki, kimsə yerindən qımıldanmadı. Görünür, əcdadın tarixini bilmək böyük bir ehtiyac təşkil edirdi. Övzaı Kəbusey duyaraq gülümsədi və mənə müraciət edib: – Çopo, mabədini sən oxu, – dedi. İrəliləyib, sıra ilə düzülmüş iki kərpici qaldıraraq oxudum: “O gecədəki vəqədən sonra həyatımız alt-üst oldu. Bir neçə gün evə gəlməyib, məbəddə yatdım. Gündüzlər isə daxmanın ətrafına dolaşaraq, Jinduqtla bərabər ağlayırdıq. Bir dəfə də tülək şahinə rast gəldim, – hasarın üzərində oturub, dimdiyini daşa sürtürdü. – Jinduqt, Jinduqt! – deyə quşu bacıma göstərdim, – bax, anamın gözlərini didən bu quşdur, – dedim. İkimiz də daş götürüb quşa atdıq. Bunu görən daxma bəkçisi ağac qapıb bizi qovdu. Şəhərə dönərkən xaldeyalı bir qocaya rast gəldik. Qocanın uzun zərli paltarına yamaqlar salınmışdı; başı açıq və ağarmış saçları qıvrım idi. Saqqalının isə qıvrımları açılaraq, tükləri bir-birinə qarışmışdı: görünür, çoxdan dəllək yanına getməmişdi. Gözlərinə sürmə çəkmişdi. Kəmərinin yan tərəfindən bir quru qabaq asılmışdı. İçində su var idi. Falçı olduğunu bilərək ona yanaşdıq. – Salam, qoca! – dedik. – Sizə də salam! – dedi və əlini ağzına uzadıb, sonra gözlərinin üstünə qoydu. – Falımıza baxarsanmı? – deyə sorduq. – Baxaram, – dedi, – bir dirhəm versəniz, baxaram. Qoca əyri əsasını yerə salıb, üzünü qırışdıraraq çökdü, bir az vaysılandı: – Belim ağrıyır, – dedi. – Babil nefti sürtürəm, o da fayda vermir, suziyanlı bir həkim yağ vermişdi, bu da qurtardı; heç olmasa o bir az ağrımı azaltmışdı... Halını bildirdikdən sonra qoca cibindən bir-iki alabəzək muncuq çıxarıb, yerə atdı və onlara baxaraq cəld dedi: – Utarid altında doğuldunuz, yenə o ulduzun himayəsindəsiniz. Taleyiniz hələ təyin olunmamışdırsa da, parlaq görünmür. Qan qarışacağı var. Fəlakət var. – Yol görünür. Məskən dəyişiləcək. Xeyirli bir quş rəhbər olacaq. Ənasiri-ərbəə ilə xitam bulacaq. Günəş doğacaq. Qoca sözlərini qurtarıb, əsrarəngiz gözləri ilə bizi süzdü. Veriləcək sual çox idisə də, heç birimiz cəsarət edib bir söz belə sormadıq. Qocanı tərk edib getdik. Atəşgədənin yanından keçərkən Şizi gördük. Hiddətlə yanaşıb: – Məbədə nə üçün gəlmirsən? – deyə sordu. – Bir daha gəlməyəcəyəm! – dedim. Sözlərimə inanmayan kimi bir zaman üzümə baxdı. Sonra qulağımdan tutub, məni darta-darta apardı. Jinduqt ağlayaraq məbədin qapısında qaldı, onu içəri buraxmadılar. Şiz məni həyətə çəkib, yeddi inək axurunun yanındakı zindana saldı və qapını çəkib bağladı. Burası tozlu bir yer idi. Pəncərəsi də yox idi. Ətrafa baxdım, qaranlıqda gözlərim heç bir şey seçmədi. Bir az sonra gözlərim qaranlığa alışmağa başladı. Küncdə köhnə bir xoruz qəfəsi vardı. Üzərində oturub qaldım. Vaqe olanları düşünmək istədim, bacara bilmədim. Tühaf bir vəziyyətdə idim. Dünya mənim üçün əzabdan başqa bir şey deyildi. Jinduqtla anam müstəsna edilərsə, ürəyimdə bütün yaradılışa qarşı dərin bir nifrətim vardı. Zərdüşt və Ahura Mazda da gözümdən düşməyə başlamışdı... Gecəni orada qorxu içində keçirdim. Divlərin qorxusundan çox ağladım. Nəhayət, yuxu qorxuya qələbə çaldı... Susuz və ələfsiz bir səhraya toxum düşüb, ağac oldu, çiçəklədi, yarpaqladı, geniş kölgə saldı. Çeşmələr qaynayaraq sərin su ətrafa dolmağa başladı. Axar su kənarında süfrələr salıb, bütün gözləri yaşlı çocuqları oraya topladılar. Mən də orada idim. Jinduqtu aradım. Yox idi, kədərləndim. Birdən göydəki ağ bulud partladı, içindən yaldızlı paltarlı Jinduqt çıxdı və göyərçin kimi qanadlanıb uçarkən məni gördü. Sevincindən ağladı, göz yaşları yağış kimi tökülüb, səhranı islatdı. Səhra göyərib çiçək açdı. Hamımız yerimizdən qalxaraq bir səslə: – Cismani dünyanı yaradan, pak ol! – deyə bağırdıq... Səsimə ayıldım, qapının cırığından içəri işıq düşmüşdü. Qalxıb, gözlərimə inanmayaraq qapıya yanaşdım. Həyətdə bir gediş-gəliş vardı. Bir də Şiz göründü, atırvandan birisinə açar verib, bir şeylər söylədi. Atırvan qapıya doğru gəlib açdı və bir söz demədən məni dışarı buraxdı”. 6 “Evə gedim, – deyə düşündüm. Ev gecələdiyim zindandan daha ağır görünürdü. Lakin Jinduqtu görmək arzusu məni evə sövq etdi. Getdim. Jinduqt qapının ağzında oturub, sağ əlini qəmli üzünə söykəmişdi. Məni görcək sevindisə də sevinci üzündəki kədər izlərinə qələbə çala bilmədi. Yanında oturdum. – Yenə nə olmuş? – deyə sordum. Bir az düşündükdən sonra: – Dünən axşam baş möbid atamı və Eyzədəsbi yanına çağırmışdı. Onları barışdırmışdır. – Sonra? – Sonra məni Eyzədəsbə vəd etmiş. Sözlərini qurtarmamış Jinduqt ağladı. – Sonra? – Sonra nə olacaq – bu axşam qardaşıma arvad olmalıyam. Bu işdə adətdən kənar bir şey yox idisə də, mənə olduqca ağır gəldi. Jinduqtun verdiyi xəbər məni nizə kimi deşib o tayıma keçdi. Düşüncəyə daldım. Lakin uzun düşüncələr çıxacaq yol göstərə bilmədi. Bircə fikrə gələ bildim – Eyzədəsb Jinduqtla əyalətə gedincəyə qədər daxma hasarının yanına qaçıb, anamın skeletinin qonşuluğunda yatmağı kəsdirdim. Göz yaşları ilə ayrıldıq. Sabah səsə ayıldım: daxmaya meyit gətirmişdilər. Atırvanlar arasında atamı və Eyzədəsbi də gördüm. Məni görcək hönkürtü ilə ağlaşdılar. Ürəyimə acı bir şeylər damdı. Zindandakı yuxumu xatırladım. Süst bir halda irəlilədim – cənazədə Jinduqtu gördüm. Alnının bir tərəfinə qan sağılmışdı. Qapalı gözlərində acı həsrət duyulurdu. Qonşumuzdan sordum, qısa olaraq hadisəni anlatdı: gecə Eyzədəsbi yataqda qoyaraq çıxmış, gözləmişlər gəlməmiş. Səhər tezdən meyitini Semiramis18 qələsinin altından tapmışlar: bürcə çıxıb, oradan özünü atmışdır... Kənara çəkildim. Tozlu yollarla qoşaraq uzaqlaşdım. Şəhər darvazasının ağzında bir aslan heykəli var idi. Bu, Həmədanın himayəçisidir. Bunun üzərində oturub, şəhərin saraylarına, atəşgədələrinə, qüllələrinə, bağ-bağçalarına son dəfə olaraq tamaşa etməyə başladım. Bu əsnada aslanın arxa tərəfində gözümə bir xoruz dəydi. Ağ və gözəl bir xoruz idi. Bu xoruzu tanıyıb heyrət etdim, Jinduqtun idi, üç gün əvvəl itmişdi. Xoruza yanaşdım, heç də ürkməyərək qucağıma atıldı. Bağrıma basdım, bərabərcə yola düşdük...” – Bəsdir! – deyə Kəbuseyin səsi gəldi. Kərpicləri tərk edib, kənara çəkildim. Kəbusey dedi: – Təfsilatına lüzum görmürəm. Əcdadımız Midiyadan Urartu ölkəsinə gedir. Bunu tutub, qul deyə bazarda satırlar. Bir mülkədar alıb, onu evə gətirir. Mülkədarın gözəl bir qızı varmış. Cəməsblə qız bir-birini sevir. Məsələni mülkədar duyur, əvvəl rədd cavabı verir. Sonra qızının ah-zar etdiyini nəzərə alaraq Cəməsbə bir təklif edir: “Yeddi il doğru xidmət etsən, qızımı sənə verərəm”, – deyir. Cəməsb razı olur. Səmimi olaraq xidmətə başlayır. Dördüncü il mülkədar ölür, qızla Cəməsb evlənir. Bu əsnada Kapadosya Urartu ölkəsinə hücuma başlayır. Buna əlavə olaraq bir də daxildə iğtişaş baş verir. Yaşayış şəraiti fənalaşdığı üçün Cəməsb ailəsini və əqrəbalarını götürərək Aran ölkəsinə keçir. Və burada bu gördüyümüz qəbiləni bina edir. Cəməsbin qurduğu təşkilat axın-axın gələn qaçqınlara örnək olur. Yavaş-yavaş ətrafdakı qəbilələr meydana çıxır. Qəbiləmizin adı da Jinduqtun xoruzunun yadigarıdır. İştə, son dərsimiz bu! Bu qədər əmək sərf olunan qəbiləni sevməli və onun adət və qanunlarına hörmət etməlisiniz! Həyatda xoşbəxt olun, müəlliminiz də sizə baxsın, fəxr etsin! Yoldaşlarımız o qədər mütəəssir oldular ki, bir çoxları ağladı. Birbir yeriyib, müəllimin əlindən öpdük. 7 İkinci dərs yaşayış qanunları idi. Müəllim Xanburabinin yanına getdik. Qoca bizi göz yaşları ilə qarşıladı. Bizi görcək: – Ayrılırıq, deyilmi? – dedi və təkrar ağladı. – Ayrılıq, iştə, həyatın əsası! Bundan mütəəssir olmamalı! Mənim göz yaşlarıma baxmayın – bu, qocalıq əlamətidir, – deyə gülümsədi. Xanburabi gözlərini silib, mətanətli bir vəziyyətə düşərək dərsə başladı. – Övladlarım, – dedi, – yaşayış qanunları çox sadədir – yaşamaq, tox və salamat yaşamaq, yaşayışın cəfasını azaldıb, səfasını çoxaltmaq. İştə, həyatın məqsədi bu sadəcə əməllərdən ibarətdir. Halbuki bu sadəcə tələbləri İnsan olduqca mürəkkəbləşdirmiş və qumlu səhralarda yol itirmiş kimi şaşıb qalmışdır. İnsan yaşayışı, heyvan yaşayışı, bitki yaşayışı... həp bir-birinin eynidir. Bir yarpağın budaqdan üzülüb düşməsi, bir çiçəyin solması bir heyvanın gəbərməsi, bir İnsanın ölümü eyni mənadır! Həyatdan məhrum olmaq əzəli və əbədidir. Ölən dirilməz, dirilən eyni cisim deyil, başqasıdır. Həyat baqidir, ancaq şəkillər dəyişilir. Bir ot solar, yerində başqası bitər adam ölər, digəri doğular... Həyat daim diri və maddi bir qüvvədir. Maddə və həyat bir-birindən ayrılmaz; maddədən kənar həyat yoxdur. Yaşamaq özü-özlüyündə bir məqsəddir. Yaşamaq yalnız yaşamaq üçündür. Başqa məqsəd təqib etməz. Hər bir yaranan yaşamalıdır, lakin yaşamaq fərdi və xudbini deyil, ictimai olmalıdır. Fərd yaşarkən cəmiyyət içərisində yaşar və fərdi deyil, cəmiyyət faydasına çalışaraq yaşar. Çünki cəmiyyət ümumiyyət, fərd isə xüsusiyyət deməkdir. Cəmiyyət fərdlərdən qüvvətlidir... İnsanlar həyatın sadəcə məqsədini mürəkkəbləşdirir, dedim. Düz yolu buraxıb da, dolanbac yollar arayırlar. Bunu yapanlar adi İnsanlar deyil, ağıllılar, zəkalılardır. Piramidalar, dəbdəbəli saraylar, incə sənətlər yaradan misirlilər min bir qeyri-maddi şeylərə inanırlar. İnsanın yenidən eyni şəkildə dirilməsinə etiqad edirlər. Guya hər bir İnsanın bir də dublu19 varmış... Israillilər xəşin bir Yekovu təsəvvür edərək onu yaradılışın ağası zənn edirlər. Həyat müvəqqəti bir imtahandan ibarət imiş. Bundan sonra məhkəmə olub da həyatda görünən əməllərə əcr veriləcəkmiş... Arilər dünyanı iki qeyri-maddi qüvvələrin mübarizəsi məhsulu kimi anlayırlar... Babil ağlasığmaz əfsanələrlə özünü aldadır. Hindli göylərdə altun arabalı qüvvələr görərək səadətini onlardan diləyir... İnsanlar acizlikdə çırpınaraq mövhum qüvvələrdən xarüqələr gözləyir. Halbuki beş hiss vasitəsilə duyulan və təyin edilən maddədən başqası qeyri-maddi, qeyrimövcuddur. İnsan tam bir məxluqdur; onu yaşamağa sövq edən amillər varlığına bağlıdır. Yemək, içmək, yatmaq... kimi dəruni arzuları olan kimi, dəruni arzuları lazımınca yerinə yetirmək üçün zahirdən qüvvə alan arzuları da var. Yaxşı yemək üçün yaxşı çalışmalı; yaxşı su içmək üçün yaxşı bulaq aramalı, ya fəna suyu durultmalı; ev üçün şücaət göstərməli... Xülasə, hər bir daxili ehtiyacı dəf etmək üçün zahirdə bir çox ehtiyaclar doğur. Çalışmaq, şücaət, hiylə, yazı, musiqi... dəruni ehtiyacların xidmətçiləridir. Həqiqət belədir! Həqiqətin ötəki tərəfi boşdur, xəyaldır, yəni qeyri-mövcuddur. Həyat mövcudiyyət məhsuludur. Həyatın şəraiti mövcudiyyət törədir. Yaşayış yolunu da mövcudiyyət göstərir... Bu qədər! Yox, mövcudiyyət müvəqqəti imiş, onun da əbədi bir inikası varmış... Bu kimi batil fikirlər gəlmələrin uydurmasıdır. Sami və Ellin dimağının xəstəliyindən doğan əfsanədir. Biz bu abadan qəbiləmizi vücuda gətirərkən, məsud yaşayışımızın təməl daşını atarkən “əbədi inikas” yardımımıza gəlmədi. Ondan “istifadə” etməyə heç də lüzum görmədik... Xanburabi bu məalda söylədiyi nitqinin sonunda cəmiyyətə sadiq qalmamızı tövsiyə edib, bir-bir alnımızdan öpdü, biz də onun əlindən öpərək ayrıldıq. 8 O biri gün sabah erkən carçının zil səsi bizi yuxudan ayıltdı: Caramana car!.. Gənclərə xəbər! Həkimlər həkimi, Xəstəlik düşməni, Xaldeyalı Əmilmərduq. Sizi çağırır: Durun, durun, Gənc oğlanlar! Uyquya vida! Sabaha salam! Xaldeyalı Əmilmərduq Sizi çağırır. Caramana car!.. Yatağımdan qalxdım. Sevincimin hüdudu yox idi. Yavaş-yavaş yaxında olacaq şeyləri dərk etməyə başladım. “Xoruz” qəbiləsi adətincə gənclər həkim tərəfindən müayinə olunub, evlənə biləcəyinə icazə verilir. Sonra “Qoç” qəbiləsinə nişanlı aramağa gedilir. Nə böyük məqsəd! Baharın rayihələri arasında gəncliyin də baharı başlayır. Hər addımda məni izləyən anam da mənimlə bərabər sevinirdi. Otaqdan çıxarkən bir də məni qucaqladı. Üzümdən öpərək: “Oğul, xoşbəxt ol!” – dedi. Anamın başını oxşayıb, bağçaya qaçdım. Hər evdən şən bir gənc səsi eşidilirdi. Səsləşdik. Bir-birimizə qoşularaq, Mazda meydanına toplandıq. Bir də ağacların arxasından Əmilmərduqun şişman heykəli göründü. Bizə təzim etdi, cavab verib, ətrafına toplandıq. Zarafatlar, lətifələr başlandı. Əmilmərduq çox lətifəcil adam idi. Hər bir fikrini anlatdıqca bir misal söylərdi. Gənclərin hamısı toplandıqdan sonra bizi sıra ilə düzüb tamaşa etdi. Hamımız sağlam vücudlu, qüvvətli, əzələli idik. Yalnız yoldaşlardan birisi qışda xəstəlik keçirdiyi üçün zəif idi. Əmilmərduq onu bizdən ayırıb, kənarda saxladı. Sonra bizi yortdurub, nəbzimizə baxdı. Hamımızın səhhətindən məmnun qaldı. Zəif arkadaşımız məyus bir halda durub, bizə tamaşa edirdi. Əmilmərduq ona yanaşdı: nəbzinə və dilinə baxdı: – Bu bahar “Qoç” qəbiləsinə gedə bilməzsən. Səhhətin yerinə gələr də, gələn bahar gedərsən – dedi. Zəif razı olmayaraq: – Qaçım, ürəyimə baxın, – deyə həkimdən ricada bulundu. Əmilmərduq bir az duruxub: – Haydı qaç! – dedi. Zəif qaçıb təkrar həkimin yanına döndü. Rəngi üzündən götürülmüşdü; ürəyi şiddətlə çırpınırdı. Əmilmərduq: – Oh! “Qoç” belə ürəyə qız verməz! – deyə qəhqəhə ilə güldü. Zəif yenə razı qalmadı: – Bir də qaçım, yenidən baxınız, – deyə israr etdi. Əmilmərduq bir misal söylədi: – Persopolis20 şəhərində məşhur bir dərzi var idi. Bu, paltar biçəndə maldan oğurlardı. Birisi bunu eşitdi. Mal alıb, dərzinin yanına getdi. Dərzi malı piştaxtanın üstünə qoyub açdı, qayçını götürdü və... birdən bir şərqi oxudu. Şərqi müştərinin çox xoşuna gəldi – heyrətdən başını itirdi. Bu əsnada dərzi malın bir parçasını kəsib, piştaxtanın altına saldı. Müştəri dedi: – Ay dərzi, bir şərqi də oxu. Dərzi cavab verdi: – Bir şərqi də oxusam, paltarlığın çatmaz. Hamımız güldük, zəif bizdən də çox güldü. Bir də qaçsa ürək qüvvəsi çatmayacağını duyaraq israrından vaz keçdi. 9 Həkimin müayinəsindən sonra Cəməsbin qəbrini ziyarət etmək adət idi. Musiqiçilər gəldi, hərə bir dəstə çiçək hazırladı. Yeməli şeylər, bir neçə bardaq şərab və bir torba da dən götürüb getdik. Jinduqtu yad etmək üçün Cəməsbin qəbrinin yanında bir çox ağ xoruzlar saxlanırdı. Ziyarətə gələnlər bunlara dən gətirərdilər. Qəbir güllü bir bağçada idi. Sandıq şəklində bir daşdan ibarət olub, dörd tərəfinə Cəməsbin həyati vəqələrini təsvir edən qabartma lövhələr qayrılmışdı. Daşın üstündə bir xoruz rəsmi həkk olunmuşdu. Qəbrin ön tərəfində daimi atəş saxlanılırdı. Müəyyən gözətçilər gecəgündüz atəşə nəzarət edirdilər. Gələr-gəlməz gördüyümüz ilk iş xoruzları bəsləmək oldu. Sonra çiçəkləri qəbrin ətrafına düzüb, əl-ələ verdik və halqa təşkil edərək, oxuya-oxuya qəbrin ətrafına fırlanmağa başladıq: Biz Cəməsbi yad etdik, Xoruzları şad etdik. Totem bizi anladı, Qanad çaldı banladı. Günəş kimi nur saçdı, Cəməsbdən söz açdı. Xatırladı Jinduqtu, Quqqulu-qu-quqqulu-qu! Semiramis qalası – Gənc qızların bəlası, Əsrar ocağıdır bu, Quqqulu-qu-quqqulu-qu! Biz Cəməsbi yad etdik Xoruzları şad etdik, Xoruzlar qanad açdı, Aləmlərə nur saçdı. Nurlara salam olsun! Cəməsbə çox-çox salam! Jinduqta salam olsun! Gənclərə çox-çox salam! Qəbilə abad olsun! Atəşə çox-çox salam! Quqqulu-qu-quqqulu-qu!. Oyun qurtardıqdan sonra Cəməsbin qəbrinə təzim edərək kənara çəkildik. Böyük qoz ağacının altında oturub yeyib içməyə başladıq. Piyalələrə şərab töküldü. Yoldaşlardan birisi qalxıb, bir təklif etdi: – Müəllimlərimizdən bir ricamız var, – dedi. – Şərab; haqqında mülahizələrini dinləmək istərdik. Əmilmərduq: – Hay! Hay! Mən də dinləmək istərdim, – deyə qəhqəhə ilə gülməyə başladı. Kəbusey Xanburabinin üzünə baxıb, ayağa qalxdı. – Övladlarım, – dedi, – qəbiləmizdə cürbəcür xalqlara mənsub və dürlü ölkələrdən gəlmə adamlar var. Bunların heç biri buraya gələndə şəraba yabançı olmamış. Görünür, ölkələrində xalqları arasında məqbul içkilərdən biridir. Şərabın harada və kimlər tərəfindən icad olunduğunu kimsə söyləməz. Şərabın adı ən qədim rəvayətlərdə söylənir. Zənnimcə şərab bəşəriyyət qədər qədimdir. Deməli, şərab İnsan üçün bir ehtiyacdır. Kef və nəşə aramaq İnsanın təbiətindədir. Ancaq... – burada mühüm bir “ancaq” var – kef və nəşə həyatın kiçik bir hissəsini tutmalıdır. Daimi kef İnsanı bıqdırar. Həmədan sarayındakı keflərə kef deyilməz. Bu pozğunluq və əyyaşlıqdan başqa bir şey deyildir. Kef əməyin süsü olmalıdır. Doğruçu nəşə yalnız əməkdən sonra ola bilər. Ancaq belə nəşə mahiyyət və həzz etibarilə həqiqi sayılar. Bu nöqteyi-nəzərcə şərab əziz bir yoldaş, dilbər bir sevgilidir. Yaşasın şərab! – Quqqulu-qu, – deyə banlaşaraq piyalələri dodaqlarımıza yavıqlaşdırdıq. Bir az keçmiş Xanburabi ayağa qalxdı: – Övladlarım, – dedi, – İnsan yalnız beş hissə malik və məhdud ağıllı bir məxluqdur. Bunun çalışmaq iqtidarının da müəyyən dairəsi var. Yorular – dairənin dışarısına belə çıxa bilməz. Ehtiyac ağırlığından xilas olub, dərin düşünmək imkanı bularsa, dünyaya gəldiyinin belə məqsədini bilə bilməz. Təbiət yaratdığı İnsanın zəfini bilir (zatən onu zəif və idraksız xəlq etməsəydi xaliqinə qarşı üsyan edərdi). Onu müəyyən məqsədə də sövq etmək üçün həzz duyğuları ilə təchiz etmiş: yemək həzzi, içmək həzzi, qadın və övlad həzzi... İnsan bədəvilikdən yüksəldikdə həzzlərinin sayı da artır. Şərab həzzi də İnsanın yüksəliş dövrlərinin birində meydana gəlmiş olacaq. Odur ki, şərab yüksəlmişlər üçün ehtiyac, yüksəlməmişlər üçün zəhərdir. Yaşasın şərab əhli! – Quqqulu-qu! – deyə banlaşdıq. Sıra Əmilmərduqa gəldi. Əvvəl bir az nazlandı. Danışmaq istəmədi. Sonra: – Övladlarım, – dedi, – mən həkiməm; sənətim əzəliyyət qədər qaranlıqdır. Bütün bilgi və təcrübələrimə baxmayaraq, xəstənin mürəkkəb vücudu qarşısında daim acizliyimi duyuram. Şərab qarşısında da eyni acizlikdə bulunuram... (Ancaqşərabmı xəstə, mənmi xəstə?) ...Piyalədə olduqca sakinliyinə heyrət edirsən, mədəyə töküldükdə hərəkət bambaşqa olur: İnsanı güldürür, ağladır, nəşə verir, qəmgin edir, cəsarətləndirir, ehtirasını artırır, gözlərini pərdələndirir... Xülasə, şərab mənim üçün bir sirdir. Sizə bir misal söyləyim. Bir xaldeyalı tərki-dünya əyyaş bir ellinə rast gəlib, ona nəsihət etməyə başlayır. – Şərab içmə, məst olma, xaliq bizi ayıqlıq üçün yaratmışdır, – deyir. Ellin gülür: – Aldanma! – deyir, – xaliqin də mənim kimi məstdir. Zatən məst olmasaydı, sənintək axmağı yaratmazdı... Hər kəs güldü və Əmilmərduqun şərəfinə içdi. 10 Qəbiləmizdə iki sonsuz qadın var idi. Hər bahar “Qoç” qəbiləsinə gedən gənclər adət üzrə bu qadınları ziyarət edərdilər. Biz də adətə riayət etməli idik. Sonsuz qadınlara sovqat aparardılar. Biz də dürlü-dürlü kətələr, şərablar, darçın, mixək və dəstə-dəstə çiçək götürüb getdik. İlk ziyarət etdiyimiz yaşlı bir qarı idi. Gəncliyində bir dəfə doğmuş, lakin çocuğu kretin olduğu üçün ağzına yasdıq qoyub öldürmüşdü. Anormal çocuq anası olmağı şərəfinə sığdırmamışdı. Qarının bu hərəkəti, zatən, qəbilə adətinə müğayir deyildi. Kor, şikəst, əlil çocuqlar yaşamaq haqqından məhrumdurlar. Bu adət bizdə qədim zamandan bəri davam edib gəlmiş. Bu adətə qarşı bir neçə etirazlar edilmiş, bundan dolayı qəbilə məclisi məsələni təkrar-təkrar müzakirə edib, adətin olduğu kimi saxlanılmasına səs vermişdi. Ehtimal ki, bu adət irəlidə də ləğv olunmaz. Çünki gənclik də ona tərəfdardır. Çalışmaq qüdrəti olmayan, irəliki həyatı əzab içində keçəcək bir çocuğun büsbütün həyatdan məhrum olması əfzəl deyilmi?.. Məsələdən uzaq düşdük. Sonsuz qarı gələcəyimizi bilərək yeni paltar geymişdi. Xoş bir təbəssümlə bizi qarşıladı. Salam verdik. Salamı aldı. Əlindən öpdük. Alnımızdan öpdü. Əri işdə idi. Biz gələr-gəlməz bütün şeylərini dışarı çıxarıb, evi silib süpürdük. Hər yeri təmizlədik. Sonra şeyləri silib, səliqə ilə yerlərinə düzdük. Gətirdiyimiz çiçəklərlə evi bəzədik. Masanın üstə süfrə salıb, yeməkləri və içkiləri qoyduq. Qarını başdan əyləşdirib, biz də sağ və sol tərəfində oturduq. Ceyniz gənclərin vəkili sifəti ilə: – Ana, buyur, – dedi, – oğulların adət üzrə “Qoç” qəbiləsinə gedirlər. Səndən halallıq almağa gəldilər. Sonsuz qarı darçından bir az qırıb, ağzına qoydu: – Oğullarım, – dedi, – sizdən çox razıyam. Əmdiyiniz süd halal olsun! Gedin, evlənin, xoşbəxt olun! “Xoruz”la “Qoç”un qan qardaşlığı baqi olsun! Iyirmi ildən bəri “Qoç”a bir çox övlad göndərdim. Onlara da salam söyləyin. Xoruz dostları olsun! Yeyib içdik və yeməkdən sonra qarı döşəyin üstündə uzandı, biz də ətrafında oturduq. Oğul kimi əllərini oxşayır, kimi başını sığallayırdı. Xəstəlikdən barmaqlarının bəndləri ağrayırmış, neft yağı sürtüb ovduq. Ocağın üstə su asmışdıq. hazır olar-olmaz qarının başını yuyub, quruladıq. Dırnaqlarını tutduq. – Ana, – dedim, – daha görməli nə iş var? – Oğlum, odunum yarılmamışdır, – dedi. Hamımız qalxıb, qarının odunlarını yarıb, ocağının yanına yığdıq. Xülasə, bir oğul anaya nə edərsə edib, o biri qadının yanına getdik. Bu qadın heç doğmamışdı. Yaşı iyirmi beş olardı. Qara qaşlı, uzun kirpikli, dolğun bir adam idi. Utanaraq qarşımıza çıxdı. “Ana” deyə salam verdikdə üzü tühaf bir şəkil aldı. Qaşları oynadı, kirpiklərinin dibləri yaşardı. Gənclərə qibtə etməsi duyuldu. Bunun da işlərini görüb, evini təmizlədik. Ayrılarkən: “Ana, bizi halal et” – dedikdə özünü saxlaya bilməyib, ağladı. Adət üzrə sonsuz qadınların ərlərinə də kömək etməli idik. Yarım gün də tarlada çalışdıq. 11 Gənclər qəbiləni tərk edərkən özlərindən sonra bir yadigar buraxıb getməli idilər. Bizdən irəliki qafilələr arx açmışdı. Kəhriz çıxarmışdılar. Körpü tikmişdilər; qəbilənin sağ yamacındakı meşə də onların əlinin əməyi idi. Biz də düşünüb, bir bağ salmağı qərara aldıq. Qəbilədən min addımlıq məsafədə daşlıq və kolluq bir yer var idi. Bunları təmizləməyə başladıq. Bir neçə günlük əmək sayəsində yüz ağaclı bir bağ əmələ gətirdik. Qəbilə şurası nümayəndələri gəlib, bağı himayələrinə aldılar. O günü də “təbiətə pərəstiş” adətini icra etdik. “Pərəstişə” bütün qəbilə toplanmışdı. Təbsi21 içində bir qab su, bir az torpaq və odun parçaları gətirdilər. Hər kəs diz çökərək təbsiyə təzim etdi. Sonra şərqi söyləyərək torpağı götürüb, barlı ağac dibinə tökdülər; odunlar düz yerdə qalanıb, üzərinə çırpı yığıldı və od vuruldu. Suyu ətrafa səpələyib, əl-ələ verdik, halqalar təşkil olundu. Kişilər, arvadlar və çocuqlar ağız-ağıza verib tonqalın ətrafına fırlanaraq oxudular: Atəşi, atəş, atəşə! Gizli alovlu atəşə; Sirli şəfalı atəşə, Salamlar olsun atəşə! Torpağa, suya, atəşə, Havaya, suya, atəşə, Qollu, budaqlı atəşə, Salamlar olsun atəşə! Quqqulu-qu, quqquluqu. Qu, qu, qu! Oyun qurtardıqdan sonra xalq ətəklərini çalaraq üç dəfə banlayıb, bağ-bağça və tarlaya yayıldı. Hərə yeddi dəfə yeddi zərərli cücü və həşərat öldürməli idi. Bir kəpənəyi qovarkən Ceynizə rast gəldim. Həmişəki kimi şikayətləndi: – Canım, – dedi, – bu adətlər bitməyəcəkmi? Sürü kimi bizi buradan oraya dartırlar. Artıq bıqdım. Mən cavab vermədim. Susduğumun mənasını anlayaraq mülahizələrinə davam etdi. – Sənə nə var: hər şeydən həzz duyursan. Mənim içimi şübhə yeyir. Dərdimi kimsəyə aça bilmirəm. Vulkan olub məni titrədir. Gördüyümüz işlərin lüzumunu inkar etmirəm – ümumə fayda gətiririk. Ancaq... bunları başqa cür etmək olmazdımı?.. Dillən! Heç olmazsa, Ellin kahini kimi qarışıq da olsa bir söz söylə! Mən güldüm. – Nə söyləyim? – dedim. – Adət ağırdır, bilirəm. Ancaq bunsuz da olmur. Bildiyimiz xalqların yaşayışını Kəbusey bizə anlatdı. Onlarda adətən daha ağır şeylər var. Bizim adətlərimiz maddi aləmdən ayrılmadığı halda, onlarınkı tamamilə ayrılır. Onlar əsil həqiqəti maddiyyətdən xaric təsəvvür edirlər. Bu mövhum aləm beş hissin yoxlamasına meydan vermir. Bu yaxşıdırmı? – Bu da yaxşı deyil. Görüb duymadığım şeylərə inana bilmirəm. Ancaq bizim hərəkətimizi də anlaya bilmirəm. Nədənsə gənc ağlım qane olmur. – Səndə, görünür, bir inqilab doğulur. – Elə, elə, ancaq müəyyən şəkil almamışdır. – Olsun, baxalım. Lakin təcrübəsizliyin nəticəsi olaraq cəmiyyətə zərər gətirmə. Ceyniz istehza ilə güldü: – Tühafsan, Çopo, – dedi. – Sən durğun həyat aşiqisən. Deyirsən, aman, asayiş pozular. Qoca müəllimlərin təsiri səndə dərin köklər atmışdır. Bircə şeyi nəzərdən qaçırırsan. Tariximizi bilirsən, amma qəbilə həyatına keçməmizin əsil səbəblərini dərk edə bilmirsən. Cürət edib bu sözü deyirəm. Bağışla! Qəbilələrə Babil, Midiya, Kapadosya, Urartu, Pars, Xaldeya, Pont-Öksin22 sahillərindən belə adamlar toplanmışdır. Səbəbi? – Bəlli: orada yaşamaq üsulu çəkilməz bir hala gəlmişdir. Saray istibdadı, müharibə, daxili iğtişaşlar, dərəbəylik, din naminə qan tökmələr, zorluların əmlak iştahası xalqı zara gətirmişdir. Həyat ağırlaşaraq zəifləri, əzilənləri, zəhmətinin barını yeyə bilməyənləri qaçmağa məcbur etmişdir. İnsanlar qaçarkən hər şeydən, səhhətindən belə, məhrum olur. Buna baxmayaraq, yenə İnsanlar qaçmış və nəticədə bugünkü xoşbəxt həyata nail olmuşlar... – Çox gözəl! Daha nə istəyirsən? – deyə onun sözlərini kəsdim. – Dünyada bir qanun var. Həyat köhnə üsulunda durduqca su kimi qoxuyur. Həyatımız artıq adət qoxusu verməyə başladı. Çarə lazımdır! – Yaxşı, yaxşı! – deyə güldüm. – “Qoç”a gedək də, sonra. Yeddi Xoruz məbədini ziyarət etdikdən sonra “Xoruz”a vida edəcəyik. “Qoç” qəbiləsində qalacağımız üçün oranı düşünməliyik. Qoy “Quzğun” qəbiləsindən buraya evlənməyə gələn gənclər buranın qeydinə qalsınlar. Artıq biz xoruzlu deyilik... 12 Yeddi Xoruz məbədi yeddi daş sütunlu möhtəşəm bir bina idi. Sütunların yuxarısında xoruz başları qayrılmışdı. Məbədə yeddi pilləli iri daş pilləkənlə çıxılırdı. Hər pillədə əlvan geyimli, xoruzu qalpaqlı, uzun saqqallı bir qoca oturmuşdu. Bunlar bizi ney səsilə qarşıladılar. Məbədin əzəməti, qocaların qiyafəsi, neylərin yanıqlı səsi əsrarəngiz bir ahəng təşkil edirdi. Gənclər hörmətkar bir nəzakətlə birinci pilləyə yanaşdılar. Birinci qoca neyi bir əlinə alaraq, haman dik qalxdı. – Dur! – deyə əmr etdi. – Dur! Qoca ərənin hekayəsini dinlə! Qocanın heybətli səsi gəncləri haman durdurdu. Dərin bir sükut bərpa oldu. Qoca başladı: – Günəş var ikən, Ay var ikən, yeddi qardaş ulduz səyrişərək göylərin əzəmətini duydurarkən Midiya səltənəti yerə hakim idi. Onun ordusunun qüvvətindən Babil titrəyir, Elam və Suz amana gəlir, iskit Dərbənddən aşağı ayaq basa bilmirdi. Yeddi qülləli saray Həmədana süs verir, Keynəssarın yapdığı atəşgədə sönməz atəşi ilə aləmə nur saçırdı. Qoyun sürüsü, at ilxısı həddən aşmışdı. Ağaclar barlarının ağırlığından başlarını yerə əymişdi. Suvarılmamış səhra, körpü salınmamış çay, əkilməmiş yer qalmamışdı... Qürur yavaş-yavaş sarayı qapladı. Zərdüşt ehkamları unudulmağa başladı. Hökmdarla təbəələr arasına sədlər çəkildi. Xalqın səsi eşidilməz oldu. Astiyaz23 kefə daldı. Babil qızları, Ellin oğlanları saraya hakim kəsildi; pars şərabı beyinləri dumanlandırmağa başladı. Midiya əzəməti sarsıldı. Əhrimən qanadlarını aləmə sərdi. Dəbdəbəmizə çoxdan bəri həsədlə tamaşa edən pars baş qaldırdı. Kürüşün24 qılıncı Midiya səltənətinə xitam verdi. Assuriya, Lidiya, Elam və iskitləri titrədən ordu parslar tərəfindən ricətə sövq edildi... Atəşlər söndü, bağlar xarabalığa döndü, abadanlıq dağıldı, yer inlədi, göylər ağladı... Lakin muğ mətanəti qırılmadı, atırvan ordusu pozulmadı və iman qülləsi baqi qalaraq, düşmənlərə qarşı için-için kin bəslədi... Kəmbiz Xarizəm, Baqtriya, Kirman, Babil, Lidiya və Midiyadan topladığı əzəmətli bir ordu ilə Misir səfərinə çıxmışdı. Gizli kinlər üzə çıxmağa başladı, üsyan dalğası pars səltənətini qapladı, muğlar ayinlərində firona duada bulunmaqdan çəkinmədilər, çarələr arandı. Smerdis adlı bir muğ Həmədanı əldə edərək səltənətə oturdu. Atəşlər yenidən parladı, zərdüştilərin üzü gülməyə başladı... Lakin günəşin altında heç bir şey baqi deyil! Smerdis hökmranlığı da uzun sürmədi. Pars sarayına əsas təşkil edən yeddi əsil ailə nümayəndələri muğlara boyun əyməyərək silaha sarılıb, Smerdisi devirdilər. Həyata vida deyən Kəmbizin taxtına namizəd aradılar. Pars adətincə at qüdsiyyətə malik idi; hökmdar intixabında da atın iştirakı və meyli təqdis olunardı. Smerdisi taxtdan düşürüb, muğları qırıb məhv edən yeddi üsyançı günəş doğmadan ata minib, şəhərdən kənara çıxdı. Günəş ilk şüasını atanda yeddilərdən biri olan Daranın atı kişnədi. Adət üzrə Dara hökmdar seçildi. Ordu toplandı, üsyan yatırıldı, atəş ölkəsi alt-üst oldu. Keynəssar məbədi də yıxıldı. Günəşin altında heç bir şey baqi deyil. Dara Kəmbiz dövlətini ehya edərək əzəmət və dəbdəbə ilə yaşardı. Istəxrdə25 əmsalı dünyada görünməmiş bir saray yapdırmaq fikrinə düşmüşdü. Ellin adalarından Xarizəmə qədər imtidad edən ölkədəki məmurları və ustaları toplatmışdı. Lakin Dara istədiyi sarayı Keynəssardan başqa kimsənin tikə bilməyəcəyi meydana çıxmışdı. Keynəssar aranıldı, tapılmadı. Məmləkətə carçılar salındı, şəhərşəhər, kənd-kənd gəzildi. Keynəssarı görən və yerini bilən olmadı. Bir gün Dara ova gedir, bir ceyranı qovarkən gəlib bir sovməəyə çıxır. Keçi dərisi ilə örtünmüş, uzunsaqqal bir qocanın arxası üstə uzanaraq göyə tamaşa etdiyini görür. Dara bütün mabeynləri ilə buna yanaşır. Qoça bunları görmür kimi kirpiyini belə qırpmır. Bu əsnada sovməədə gizlənmiş ceyran Daranı görərək sıçrayıb qocaya sığınır. Dara qocanın etinasızlığına və heyvanın ona sığınmasına heyrət edərək hiddətlə: – Qoca, – deyir, – sən kimsən? Qoca gözünün bir tərəfi ilə Daranı süzərək: – Mən?.. Dünyanın ən əzəmətli adamı! Dünyada özündən başqa əzəmətli bir şəxs görməyən Dara bu yıxıq sovməədə keçi dərisinə bürünmüş qocaya baxaraq: – Sənin əzəmətin nədədir? – deyə heyrət və istehza ilə soruşur. – Ondadır ki, səndən qaçan mənə sığınır. Dara gülür və qocada bir gizli qüvvə olduğunu duyub, ona bir neçə sual verir: – Qoca, – deyir, – dünyada ən böyük arzu nədir? – Arzusuzluq! – Ən böyük həqiqət hankıdır? – İnkar! – Ən düzgün yol? – Şübhə! – Ən böyük həzz? – Nisyan! Bu cavablardan padşahın heyrət və marağı bir qat da artır. Birdən soruşur: – Keynəssarı tanırsanmı? – Tanıram. Padşah sevinərək: – Nərədədir? – Məmləkətində, səltənətində. – Onun məmləkəti haradır, təbəələri kimdir? – Məmləkəti meşə, təbəəsi ceyranlar. Dara qocanın Keynəssar olduğunu duyaraq atdan düşür. Vəzirlər və sərkərdələri də onu təqib edərək Keynəssarı əhatə edirlər. Qocaya əlvan xörəklər və ənamlar təqdim olunur. Lakin Keynəssar yerindən belə qımıldanmayaraq göyə tamaşa etməkdə davam edir, Dara saray yapdırmaq meylində olduğunu söyləyib, Keynəssarın İstəxrə gəlməsini təklif edir: – Sənə özün ağırı qızıl verərəm, bütün arzularını yerinə yetirərəm, – deyir. Qoca başını tərpədir. – Qızıl nədir – tanımıram; tanımaq belə istəmərəm. Arzu isə əzab qapısıdır, – deyir. Dara qəzəbini saxlayaraq yeni vədlər verməyə başlayır. Lakin qoca heç birisinə boyun əymir. Əvvəlki vəziyyətdə qalaraq yanına sığınan ceyranı oxşamaqda davam edir. Nəhayət, Dara hiddətinə malik olmayıb acıqla sorur: – Burada uzanmaqda fikrin nədir? – Fikirsizlik! Dara qeyzlə ata sıçrayır və: – Cəllad! Bu divanənin qollarını bağla, atın üstə qoy, – deyir. Cəllad Keynəssarın qollarını bağlarkən, qoca əyilərək ceyranın qulağına: – Qaç! İnsandan uzaq olmaq salamatlıqdır, – deyir. Ceyran söz anlar kimi, sıçrayıb, meşədə qaib olur. Keynəssarı İstəxrə gətirirlər. Orada saray tikməsi yenidən ona təklif olunur. Yenə rədd edir. Bu dəfə padşahın əmrinə görə onu bürclərin üstünə qaldırıb, oradan aşağı atırlar. Günəşin altında heç bir şey baqi deyil! Keynəssar ölmədi – bürcün altında duran bir dəstə atırvan onu havada tutub qaçırdılar. Əmək və sənətlə yaratdığı məbədin xarab olmasını görüb, tərkidünya olan Keynəssar yenidən həyata doğru dönür. Bir dəstə muğla bərabər şimala tərəf çəkilərək “Xoruz” qəbiləsində sakin olur... Günəşin altında heç bir şey baqi deyil! Yalnız mətanət və mübarizə baqidir. Iştə, bu möhtəşəm məbəd Keynəssarın mətanət və mübarizəsinin məhsuludur. Özü də yapdığı bu məbədin altında dəfn olunmuşdur... Günəşin altında heç bir şey baqi deyil! Yalnız mətanət və mübarizə baqidir!..” Ərən hekayəsini bitirib oturdu. Yeddi ərən yenidən ney çalmağa başladı. 13 İkinci pilləyə ayaq basmaq istədik. Orada oturan ərən neyi ağzından çıxarıb dik qalxdı: – Dur! Dur! Qoca ərənin hekayəsini dinlə! – deyə əmr etdi. Hamımız birinci pillədə sıra ilə durduq. Ərən başladı: – Anu26 göyü yaratmışdı; Anlil27 yeri yaratmışdı; Ea28 suları yaratmışdı; Sənnaşərib Babildə padşah idi. Nərqaləddin adlı bir kişi Ninni adlı bir qıza elçi göndərib, onunla evlənmək istəyirdi. Ninni razı olur, ancaq qırx gün vaxt istəyirdi. Nərqaləddin çirkin, ancaq varlı idi. Ninni onun varlılığına sevinir, çirkinliyindən kədərlənirdi. Ninni evdə oturub, üç gün, üç gecə düşündü; axırda çıxacaq yol tapdı. Babil qanununa görə, qız ərə getməzdən əvvəl bir əcnəbi ilə eşqbazlıq etmək haqqına malik idi. Ninni bundan istifadə etmək istədi. Bir gün axşam çağı geyinib, Istər29 məbədinin yanına getdi. Eşq ilahəsi yolunda eşqbazlıq meylində olan qız və oğlanlar buraya toplanırdılar. Ninni əlində bir pul tutaraq məbədin önündə gəzinməyə başladı. Orada bir çox əcnəbi oturmuşdu. Bunların arasında ucaboylu, irigözlü, buğdayısifət bir gənc vardı. Ninni onu görcək dayanıb qaldı – ayaqları irəli getmək istəmədi. Əlindəki pulu onun qucağına atıb, geri döndü: pul atmaq – “məni təqib et” demək idi. Gənc yerindən sıçrayıb, Ninninin ardınca getdi. Gəncin mənzilinə gəldilər. Ninni soyunub gəncin yanına girdi. Gənc Ninninin bütün gözəlliklərinə malik oldu... Suz şəhərindən ticarət üçün Babilə gələn bu gənc qırx gün orada qalıb, hər gün Ninni ilə bərabər eşq atəşi ilə oynamağa davam etdi. Qırx birinci gün Ninni Nərqaləddinin evinə gəlin köçdü. Bir il keçdi. Ninninin bir oğlu dünyaya gəldi... Bunlar yaşamaqda olsun sizə kimdən deyim – Sənnaşəribdən. Babil padşahı Sənnaşərib bir axşam bir röya gördü. Sin30 onun yuxusuna girib dedi: “Ey mənim vəkilim, sabah axşam təğyir-libas edib, Nərqaləddinin evinə qonaq gedərsən; gecə də orada yatarsan”. Sənnaşərib yuxudan ayılıb, sabaha qədər yata bilmədi. Gündüzü səbirsizliklə keçirib, axşam paltarını dəyişdi və Nərqaləddinə qonaq getdi. Ev sahibləri qonağa olan hörməti əsirgəmədilər – yemək verdilər, sonra da yataq düzəldib, onu yatırdılar. Nərqaləddinlə arvadı da uşağı yatağına qoyub uzandılar. Sənnaşərib uyumayıb dünənki yuxusunun çin32 olmasını gözləyirdi. Gecənin bir yarısı Ninni yataqdan qalxdı, geyinib getdi. Sənnaşərib də onun arxasınca çıxdı. Ninni gedib Fərat kənarında balaca bir evin qapısını döydü. Qapıya ucaboylu, irigözlü bir gənc çıxdı. Gənc: “Indiyə qədər haradasan?” – deyə Ninniyə acıqlandı, sonra Ninnini içəri buraxıb, qapını örtdü. Sənnaşərib yeriyib, qapının arasından içəri tamaşa etməyə başladı. İçəridən deyişmə səsi gəlirdi; gənc deyirdi: – Gec gəlməkdə, görünür, məni sevmirsən. Ninni and içərək inandırmağa çalışırdı: – Evə qonaq gəlmişdi, onun üçün ləngidim. – Yox, inanmaram! – Nə edim ki, inanasan? – Eşqinin doğru olmasını isbat et. – Nə ilə deyirsən, edim. – Get oğlunun başını kəs, gətir, inanım. Ninni haman evi tərk etdi. Sənnaşərib də onu təqib etdi. Ninni evinə gəlib, oğlunun yorğanını yavaşca qaldırdı, bir bıçaqla başını kəsib, dəsmala qoyub çıxdı. Gəlib yenə Fərat kənarındakı evin qapısını döyüb, içəri girdi. Sənnaşərib cəld irəliləyib, qapının çatlağından içəri tamaşa etməyə başladı. Ninni oğlunun qanlı başını gəncə göstərib, bucağa atdı. Sonra öpüşüb kefə başladılar. Sənnaşərib sabah qırmızı geyib taxta çıxdı. Vəziri yanına çağırıb, gecə gördüklərini nağıl etdi. Sonra dedi: – Dünyadan şərin kökünü kəsmək üçün bütün qadınlar Fərat çayına atılmalıdır. Söylə, hazır olsunlar! Ay allahı. † Doğru Vəzir düşünüb dedi: – Padşah sağ olsun, izin ver bir hekayə söyləyim də, sonra əmr verək. Padşah razı oldu. Vəzir başladı: – Günlərin birində təmər şərbətçisinin dükanında oturmuşdum. Bir gənc süvari gəlib, dükanın qapısında durdu. Görünür, qərib idi. İçəri boylandı. Maraqlanıb dışarı çıxdım. Gənc mənə yönələrək: “Qardaş, – dedi, – kəfən alacağam, bilmirsən harada satırlar?” Ona qoşulub kəfən dükanına getdim. Gənc kəfən aldı və məndən razılıq edib, yola düşdü. Marağım daha da alovlandı. Bir at tutub, gəncin arxasınca getdim. Şəhərdən çıxdıq. Gənc dönüb, məni arxada gördükdə, atını dayandırdı. “Ay qardaş, – dedi, – kimsən, nəkarəsən, bilmirəm, mənim sirrimə əl aparma!” Mən: “Sən kimsən, nəkarəsən, bilmirəm, ancaq məndə bir maraq oyandırdın. İzin ver də sənə əlimdən gələn köməyi edim”, – dedim. Gənc çox tərəddüddən sonra razı oldu. Yola düşdük. Bir təpəyə yanaşdıqda atını mənə tapşırıb getdi: “Məni bir az gözlə”, – dedi. Gözlədim. Bir saat gözlədim, gəlmədi, iki saat gözlədim, gəlmədi. Axırda atları yedəyimə alıb təpənin başına çıxdım. Bir də nə gördüm – təpənin arxasındakı dərədə vuruşurlar. Mənə atını tapşıran gənc sağa-sola qılınc vurur: bir sıra adamları vurub yıxmışdı. Mən köməyə gedənə qədər gənc ətrafdakıları qılıncdan keçirib döndü. Kənarda bir meyit var idi, götürdük. Gətirib kəfənlədik və qəbrə qoyduq. Bir az qəbirdən aralanmışdıq, bir də gənc dedi: – “Sən burada dur, bu saat qayıdıram”. Getdi, mən də atları başına qoyub irəlilədim və bir günbəzin arxasına qısılıb, gözlərimlə gənci təqib etdim. Gənc gəlib qəbrə sərildi, doyunca ağladı. Sonra “Qanını aldım, düşmənlərini öldürdüm. Artıq ərindən vəfa görən qadına dünyada yaşamaq lazım deyil!” – deyə qəməsini çıxarıb, ürəyinə soxdu. Yıxılarkən başından papağı düşdü, uzun saçları çözülüb, töküldü. Vəzir hekayəni bitirib susdu. Sənnaşəribin hiddəti yatmışdı. Bütün Babil qadınlarının Fərata atılması fikrindən daşınaraq, yalnız Ninnini suya atdırdı. Ərən hekayəsini bitirən kimi yenə neylər çalınmağa başladı. 14 Üçüncü pillədə oturan ərən çox tühaf idi – xoruzi papağı əyilib, bir qulağını basıb sallamışdı. Neyi çalaraq coşur, oturduğu yerdə oyanbuyana sallanırdı. Ceyniz üzümə baxaraq gülümsədi. Üçüncü pilləyə ayaq basmaq istədik. Ərən dik qalxaraq: – Dur! Dur! – dedi. – Qoca ərənin hekayəsini dinlə. Bunun hər bir hərəkəti tühaf idisə də onu maraqla dinlədik. Ərən hekayəsini başladı: – “Samilər diyarında, qumlu səhrada ayaqyalın, başıaçıq bir kişi çıxaraq xalqı başına toplayıb, min bir nağıllar söyləyirdi. “Ey zəlalətdə qalan yazıqlar, yeri-göyü yaradan, axirət gününün sahibi Olan Yekovu tanımırsınızmı? Sizi odlarda yakar, sizi dünya işığından məhrum edər, evlərinizi alt-üst edib, balalarınızı səhralara salar... Mən onun nəbisiyəm. Sizi haqq yola dəvət etməyə gəldim. Gəlin, ətrafıma toplanın!.. Haqq yolu bulun!..” Hər kəs nəbini dəhşətlə dinləyir, qorxudan tir-tir əsirdi. Çox çəkmədən nəbinin şöhrəti bütün səhraya yayıldı – vahə xurmalıqlarında, karvan düşərgələrində həp nəbidən bəhs edilirdi. Turi-Sinayə ticarətə gedən bir ellin nəbi haqqında söylənən sözləri eşidib, onu görmək istədi. Nəbinin yerini göstərdilər. Getdi. Nəbi xurma ağacının altında oturub, çəyirtkə yeyirdi. Ellin salam verdi, nəbi çəyirtkə təklif etdi, ellin yeməyib dedi: – Ya nəbi, şöhrətini eşidib, söhbətə gəldim. – Xoş gəldin, otur! – dedi. – Uzaqdanmı səfərin? – Atinadan gəlirəm. – Orası nədir? Şəhərmi, kəndmi? Ellin heyrətlə: – Nəbi, Atinanı eşitmədinmi?.. Heyrət! Filosoflar və allahlar şəhərini bilmirsənmi? “Allahlar” sözü nəbinin hiddətinə səbəb oldu: çəyirtkəni atıb: – Yahu! Allahlar nə demək? Müşriklik zəlalətində boğulmaq yetməzmi?.. Bir olan, böyük olan əzəli və əbədi xaliqi tanı: onun haqq yoluna gəl! Fani dünyaya uyma! Hər bir şeydən əl götür də, xaliqin yolu ilə get... ondan ədalətli, ondan yüksək bir qüvvə yoxdur... Ellin bir şey anlamadı: – Nəbi, – dedi, – o xaliq dediyin nədir? Tərif etməzmisən? – O böyük, əzəmətli, əzəli, əbədi, dünya və axirətin sahibidir. Ellin yenə bir şey anlamadı: – Başlanğıc, davam və intəha Zevsdən ibarətdir, – dedi. – Başqasına qail ola bilmərəm. Olimp dağından ildırım yağdıran Zevsdən böyük bir qüvvə olarmı? Nəbi yenə hiddətləndi: – Zevs kimdir? Yekovdan böyük, ondan əzəmətli xaliq ola bilməz. O təkdir, şəriki yoxdur. Ona şərik qərar verənlər mürtəddirlər. Ellinlə nəbi arasında qovğa başlandı. Bütün karvandakılar buraya toplandı. Həmədanlı bir tacir sakit səslə: – Nəbi, – dedi, – yüksək və ədalətli bir qüvvəyə inanmaq, dünya gərdişini, onda olan hadisələri izah etməkdən aciz qalmaq deməkdir. Yaradılışa hakim ədalətli bir vəhdət, varsa, dünyadakı ədalətsizliyi nə ilə izah edərsən? Gözlülər arasında işığa möhtac korlar var; xoşbəxtlər arasında talesizlər var; bolluqla yaşayanlardan çox yoxsul, ağalardan çox qul, gözəllərdən çox çirkinliyindən utananlar var... Bu ədalətsizliyi kim törədir?.. Yox, nəbi, tutduğun yol düzgün deyil. Dünya hadisələrini vəhdət fikri ilə izah etmək olmaz! Yaradılışda ikilik var; bir qüvvə ədalətə çalışan kimi o biri də ədaləti pozur. Mazdanın işığı ilə bərabər Əhrimənin də qaranlığı var. Yaşayış bu iki qüvvənin mübarizəsindən ibarətdir. Nəticədə Mazda qələbə çalacaq, dünya işıqlar içində parlayacaq, İnsan əbədi səadətə nail olacaq!.. Həqiqət budur! Misirli bir qoca söhbətə girişdi: – Yekov kimdir? Zevs kimdir? Mazda nədir? Misir allahlarından başqası yalandır. Ölülər, elemanlar və günəş allahlarını inkar etmək olarmı? Soqaris, Oziris, Anubis, Neftus, Ra, Nu.. kainata hakim deyillərmi? Bu həqiqət Ra kimi aşkar və parlaqdır... Babilli birisi misirlinin sözlərini kəsdi: – Heç də doğru demirsən. Yalnız bizim Anu göylərə hakimdir. Bütün ulduzlar onun taxt və tacının ətrafına toplanaraq, aləmə nur saçır. Anlil yeri idarə edir. Ea isə suların himayəsi ilə məşğuldur. Bunlardan başqa Sin və onun iki övladı... Bu əsnada şaqqırtı ilə qopan qəhqəhə babillinin sözlərinə xitam verdi. Hər kəs çönərək, qəhqəhədən bayılan Həbəşə tamaşa etməyə başladı. Burnu halqalı bu adam nizəsini yerə ataraq, qəhqəhəyə dalmışdı, arabir əllərini çırparaq: – Allahın övladı varmış, – deyə sərzənişli sözlər fırladır və gülməsində davam edirdi. Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Həbəş də bunları anlamaz zənn edib, boş söhbətləri dinləməyi lüzumsuz gördü. Oxlarını toplayıb, nizəsini götürdü və yenicə ovladığı aslan balasını sürüyə-sürüyə izdihamdan uzaqlaşdı. Vahənin kənarında yoluq bir xurma ağacı var idi. Həbəşin ailəsi bunun altında yaşayırdı. Çocuqları onu görcək qarşısına çıxdılar və aslant balasından yapışıb, xurma ağacının dibinə apardılar. Döşləri sallaq fitəli bir qadın onun silahını alıb, ağacdan asdı. Kənarda palçıqdan yapılma bir büt var idi. Önündə bir çox heyvan sümükləri tökülmüşdü. Həbəş bıçaq götürüb aslanı soydu. Qadın ocaq qaladı və aslan ətini onun üstünə salmadan əvvəl həbəş bir yağlı tikə götürüb, bütün dodaqlarına sürtməyə başladı: – Ya rəbbim, – deyirdi, – bu gün mənə ov yetirdin. Sənə min şükür! Payını al, ye, doy. Sabah da yetir, yenə payını verim! Həbəş ibadətini bitirdikdən sonra ailəsini başına toplayıb bütünə minnətdar hisslər bəsləyərək nahara başladı”. Ərən hekayəsini qurtarıb oturdu. Yenə ney çalındı!. 15 – Bu ərənin hekayəsi də özü kimi tühafdır! – deyə Ceyniz qulağıma pıçıldadı. Bir də dördüncü ərənin: – Dur! Dur! – deyə hayqırması eşidildi. Ərən hekayəsini başladı. “– Halic31 çayının qırağında Naramsin adında bir kişi Nada adlı arvadı ilə yaşayırdılar. Naramsin balıq ovlayıb, meşədən meyvə yığıb, evinə gətirir, qarınlarını doyurur, Allah və ilahələrinə dua edirlərdi. Onların yeganə dərdi övladları olmaması idi. Bir gün Halic kənarına bir qərib gəlib çıxdı. Naramsin qəribi evə qonaq gətirdi. Oturdular, yeyib-içdilər, sonra qonağın ayaqlarını yuyub yatırdılar. Adət üzrə ev sahibinin arvadı qonağa hörmət edərək onunla yatmalı idi. Nada da adətə riayət edib, qəribin yatağına girdi... Sabah qərib durub getdi. Ev sahibləri yenə yalnız həyatlarına davam etməyə başladılar. Ay keçib, il dolandı. Nadanın bir çocuğu oldu. Evdə bir şənlik doğdu. Ərarvadın sevincinin həddi yox idi. Lakin bu sevinc uzun sürmədi – günün birində çocuq iməkləyib, çaya düşüb boğuldu. Ər-arvad yasa batdı. Çocuq ölən günü Naramsinin damındakı göyərçin yuvasında yumurtadan bir göyərçin balası çıxdı. Naramsin bunu görüb sevinərək arvadına dedi: – Nada, bax, çocuğumuzun ruhu yəqin bu göyərçin balasına keçmişdir. Başqa cür də ola bilməz ki... Məsum bir çocuğun ruhu yalnız günahsız bir quşa keçə bilər. Qadın dindar idi və ruhların diri olaraq bir məxluqdan o birisinə keçməsinə inanırdı. Gedib göyərçin balasını gördükdən sonra dərdini unutdu. Naramsin yenə əvvəlki kimi ova gedir və arvadı ilə bərabər göyərçin balasını bəsləyirdi. Göyərçin böyüdü və ər-arvada elə öyrəşdi ki, onlar yaşayan otaqda qalırdı. Bir gün yunanların şərq səfəri başladı. Ordu yürüdü və Halic kənarı düşərgə oldu. Əsgər ətrafda əlinə düşəni yeməyə başladı. Çayda balıq, meşədə heyvan, quş və meyvə qalmadı. Naramsinin qapısını gündə bir adam kəsdirib, yemək istədi. Ailə var-yoxundan çıxdı. Bir dəfə də ac əsgərlərdən birinin gözü evdəki göyərçinə sataşdı, onu tutub başını kəsmək istədi. Naramsinlə Nada əsgərin ayağına yıxılıb yalvardılar. – Göyərçin bizim övladımızın ruhunu daşıyır, onu öldürmək bizi sonsuz buraxmaq deməkdir! – dedilərsə də əsgər qərarından dönmədi. Ər-arvadı ağlar qoyaraq, göyərçini apardı. Ailə yenidən qəmə batdı. Göyərçinin ruhunun kimə və nəyə keçməsi onlara bəlli deyildi, çünki ətrafda canlı bir şey qalmamışdı. Nada ümidsiz bir halda bütün günü çayın qırağında oturub, göyərçin deyə ağlayırdı. Nəhayət, dərdlərə dözə bilməyib, xəstələnib öldü. Naramsin yalnız qaldı. Bir axşam çayın qırağında oturub düşüncələrə dalmışdı. Bir də bir bayquş gəlib, evin üstündə ulamağa başladı. Naramsin düşüncədən ayrılaraq, bayquşa baxdı və onun qəmgin səsində Nadanın nalələrini duydu. Ayağa qalxıb, evə yanaşdı: – Gəl, gəl, – dedi, – tənha dərdlərimə şərik ol! Bayquş küsər kimi yerindən tərpənmədi. Naramsin qapını açdı: – Gəl, gəl! Nadanın ruhunu daşıyan! Nadanın ruhunu daşıyan əziz quş, gəl! – dedi. Bayquş bir də ulayıb qalxdı və gecənin qaranlığına qarışıb, yox oldu. Naramsin uyumayıb, sabaha qədər oturdu. Dan yeri qızaranda evinə, çaya, meşəyə vida deyib, yola düşdü. Üç gün sonra bu bir köçə rast gəldi. Bir neçə mal-qara, qadınlar və çoluqçocuqdan ibarət bir köçün önündə başı çapılmış bir qoca gedirdi. Naramsin də köçə qoşulub getdi. Sərt simalı qoca Naramsinə etina etməyib, yoluna davam edir və bir gəlmə də olsa onunla danışmaq istəmirdi. Nəhayət, Naramsin qocanın nərəyə getdiyini soruşa bildi. Qoca acıqlı bir səslə: – Dağlara, adam ayağı dəyməyən meşələrə köçürəm. Ellin əsgərləri oğlanlarımı öldürdülər, qızlarımın namusuna təcavüz etdilər, heyvanımı kəsib yedilər... Özüm də yaralandım... Bildinmi?.. İnsandan qaçıram! Bir az sükutdan sonra qoca Naramsinin haraya getdiyi ilə maraqlandı. Bu da dərdini anladaraq: – Ruhların köçəcəyi yeri, ruhlar yurdunu arayıram, – dedi. Qoca Naramsinə tərs-tərs baxıb: – Ruh nədir? – dedi. – Dəlimi oldun? Görürəm, sən də başıma bir dərd açacaqsan. Ayrı get, bəlanı bizdən uzaqlaşdır! Naramsin danışmaq istəmədi, lakin qoca onu çomağın altına salıb, köçünü başqa tərəfə çöndərdi. Naramsin ruhlar yurdu arayaraq yoluna davam etdi... Nəhayət, bu yurda nail oldu... İştə, hekayədə adı zikr olunan Naramsin mənəm! Ruhlar yurdunu burada buldum. Fərd müvəqqəti, ruh isə əbədidir. Bu gördüyünüz Abadan qəbilə də o ruhların məhsuludur. Fərdlər ölər, əməlləri onların ruhlarını əbədi olaraq yaşadar”. Qoca Naramsin oturdu. Ney səsi başlandı. 16 Beşinci pilləyə çıxmadan oradakı ərən yenə dik qalxıb: – Dur! – dedi. Bir sırada düzülüb, büt kəsildik. Ucaboylu, xoşsəsli ərən hekayəsini başladı: “– Firon diyarında Qamanla Mariqeri adlı iki qardaş var idi. Qaman böyük, Mariqeri isə kiçiyi idi. Qamanın İzza adında bir arvadı və iki çocuğu var idi. Bir gün Qaman işdən dönərkən böyük çocuğu qarşısına yüyürüb, dedi: – Ata, əmim anamın üzündən öpdü. Qaman hiddətindən titrədi və yetişən kimi qardaşını tutub boğmağa başladı. Mariqeri yalvardı, ağladı və məsələni izah etməyə çalışdı. Nəhayət, qardaşı onu buraxıb, kənara çəkildi. Mariqeri dedi: – Qardaş, bu gün tarladan yorğun dönmüşdüm. İzza su gətirib, mənim ayaqlarımı yudu. Təşəkkür edərək onun alnından öpdüm. Bütün məsələ bundan ibarətdir. Günahım varsa keç!.. Qamanı bu sözlər qane etmədi – Mariqerini evindən qovdu. Mariqeri baş götürüb şəhərə getdi. Ac idi. Şəhəri dolanıb yeməyə bir şey tapmadı. Məbədlərdən birinin həyətinə gedən izdihama qoşulub, içəri girdi. Həyətdə ocaq qalamışdılar. Qurban kəsiləcəyini duydu. Bir az keçmiş bir öküz gətirdilər. Məbəddən başı, saqqalı və bığı qırxıq bir ruhani çıxdı. Əynində kətan paltarı, ayaqlarında papirusdan məsti var idi. Ruhani yeriyib öküzü tədqiq etməyə başladı. Dərisində heç bir ləkə duymayıb, qurbanlığa layiq olduğunu bildirərək, buynuzlarına papirus qurdələsi doladı. Öküzü yıxıb kəsdilər. Mariqeri qarnını doyurub, öküzün də başını götürüb çıxdı. Misirlilər qurban kəsilən heyvanın başını yeməzdilər, çünki etiqadlarınca, nəziri olanların bütün dərdi, bəlaları heyvanın başına keçərdi, Mariqeri başı aparıb, bir ellin tacirinə verdi və əvəzində bir pişik aldı. Heyvanların himayəsi vacib sayıldığı üçün onları himayə edənlərə nəzir verərdilər. Mariqeri pişiyi götürüb, izdihamlı bir yerdə durdu. Çox çəkmədi, bir kişi ilə bir çocuq ona yanaşdı. Kişi dəllək çağırıb çocuğun başının yarısını qırxdırdı, tükləri tərəziyə qoyub, Mariqeriyə tük ağırlığı qızıl verib getdi. Mariqeri pişiyin sayəsində axşama qədər bir çox qızıl toplayıb, həm özünü, həm də pişiyi doyurdu. Hər gün Mariqeri pişiklə bərabər bazara çıxar və bir neçə çocuq sahibindən nəzir alardı. Bir gün bazara təntənəli bir araba gəldi. İçindən ipək geyimli bir qadınla bir çocuq, bir qul və bir kəniz endi. Qadın dəllək çağırıb, çocuğun başını bütün qırxdırıb Mariqeriyə iki tük ağırlığı qızıl verdi. Mariqeri heyrət etdi, çünki ona hələ iki tük ağırlığı qızıl verən olmamışdı. O biri gün bir araba gəlib, Mariqerini fironun sarayına apardı: fironun çocuğunun nəziri qəbul olduğu üçün saray heyvanlarının himayəsi Mariqeriyə həvalə olundu. Mariqerini hamama aparıb, ona uzun ipək paltar, papirus ayaqqabı və başına örtmək üçün zolaq, şaxlı ipəkdən ləçək verdilər. Sarayın bağçasında ayrıca otaq təxsis olundu. O gündən etibarən fironun dəvə, zebr, zürafə, it, pişik, keçi, eşşək, aslan və müqəddəs timsahlarına nəzarət başladı. Fironun əmrinə görə ona baş çodar ləqəbi verildi. Bir gün “Fironun arvadı heyvan bağçasını ziyarət edəcək” – deyə Mariqeriyə xəbər verildi. Mariqeri lazımi hazırlıqda bulundu – heyvanların hamısına ipək çullar çəkildi. Başları dəvə quşu lələkləri ilə bəzəndi. Bir də təşrifat müdiri başda olaraq qafilə bağçaya doğru yürüməyə başladı. Bir-birinin arxasına düzülərək on iki yaşlı qadın, ondan sonra fironun xanımı gəlirdi; hər tərəfdən ağ geyimli altı qız onun başına tovuz lələklərindən yapma şəmsiyyələr tutmuşdular. Arxa tərəfdən əlvan rəngli kənizlər, nədimlər və xədimlər düzülmüşdü. Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları min bir rəng çalırdı. Mariqeri on iki dəfə əyilərək xanıma təzim etdi. Sonra qəssaba işarə olundu, xanımın ayaqlarının altında ləkəsiz bir öküz kəsildi. Xanım bağçanı gəzib, heyvanları birər-birər ziyarət etdi, onları oxşayaraq hamısına da əli ilə yem verdi. Mariqeri xanımı təşyi edir və heyvanlara dair maraqlı sözlər söyləyirdi. Mariqerinin buğdayı sifəti, dolğun dodaqları, ağ dişləri, sürməli gözləri xanımın nəzərini özünə cəlb etdi. O, bağçada lüzumundan artıq qalıb, Mariqerinin söhbətinə daldı... Ziyarət bitdi. Mariqeri xanımı bağça qapısına qədər təşyi edib döndükdə arxa tərəfdəki kənizlərdən birisinin ona bir lotos çiçəyi tulladığını gördü. Düzgün çöhrəli, qara və parlaq dərili bu zənci qızı o qədər cazibəli idi ki, Mariqeri gözlərini ondan ayırmaq istəmədi. O andan etibarən eşq quşu zənci qızı ilə Mariqerinin ürəklərində yuva tikib yerləşmişdi. Axşamlar ay yaldızlı qanadını Nil çayının üzərinə gərərkən zənci qızı saray tayfasını yuxuya verib gəlir, ikisi də xurma kölgəliklərinə çəkilərək, sevgi şərbətindən içirdilər. Fironun xanımı da Mariqerini unuda bilmirdi – bu da uyquya vida deyərək gecə sabaha qədər saray pəncərəsinə söykənib ağlayırdı. Fironun casuslarından çəkinərək, ayrılıq atəşində odlanırdı... Bir gecə yarısı “nə olur-olsun!” – deyə xanım bağçaya enmək cəsarətində bulundu. Ətrafına baxa-baxa Mariqerinin evinə doğru yürüdü. Bir də... gözlərinə inanmadı: Mariqeri diz çökərək Sfinks heykəlinin üst səkisində oturan bir qızın ayaqlarını qucub, ibadətkar bir vəziyyət almışdı. Qız zənci qızı idi; titrək əlləri ilə Mariqerinin başına lotos yarpaqları tökürdü... Xanım nə yapacağını şaşırdı. Qısqanclıq əzabına tutularaq, geri döndü. Artıq xanım üçün saray əyləncələri, qayıq seyri, rəsmi qəbullar, taxt-tac nəşəsi... mənalarını qeyb etmişdi. Yatağından çıxmayaraq saralıb solurdu. Intiqam hissi ona rahatlıq vermirdi. Yaşlı on iki qadını birər-birər çağırıb, gizli-gizli danışır, məsləhətlər soruşurdu... Bir gün “Mariqeri sarayı murdarlamaq üçün heyvan bağçasına donuz buraxmış” – deyə şayiələr yayıldı. Firondan tutmuş son xədəməyə qədər hər kəs həyəcan içində idi. Mariqeri saraya çağırıldı, cəllad hazırlandı... Lakin Mariqeri tapılmadı: qaçmışdı. Xanım məqsədinə vararaq, sakit oldu. Misir qanununca, donuza əl vurmuş bir adam məbədə girmək haqqından belə məhrum edilirdi. Mariqeri bu qədər ağır töhmətdən qurtulamayacağını bilərək şəhəri tərk edib, uzaq təpədə minlərlə qullar tərəfindən yapılan piramidaya sığındı. Günəş çıxandan batana qədər ağır işdən inləyən qullar Mariqerini sevinclə qarşıladılar. Gecələr qumlar üzərinə sərilən çılpaq qullarla bir yerdə yataraq saray fitnələrindən, zülmündən, dəhşətlərindən söylədi. Gündüzləri Mariqeri qullarla bərabər işləyirdi. Onun da bunlar kimi ağır daşlar daşımaqdan əlləri və umuzları yara olmuşdu; günəşin amansız istisi onu da yandırıb qurudurdu... Piramidanın üzərindən düşüb əzilənlərin, ishaldan ölənlərin sayı yox idi... Cəld işləyə bilməyənləri çubuqla döyüb, qanına bulaşdırırdılar... Bir gün xəstələnib işə çıxmayan bir qulu zorla gətirib, çubuq altına saldılar. Zavallı qul on beş çubuqdan sonra öldü. Bunun şahidi olan Mariqeri qulları təhrik edərək, işi tərk etdi. Minlərcə qul tökülüb, firon məmurlarını öldürdü. “Zülmün mənbəyi saraydır, saray!” – deyə səslər eşidildi. Yaralanmış qara vücudlardan ibarət dəhşətli bir axın saraya doğru axmağa başladı. Firon ordusu tüğyanı duyaraq, qoşub od yağdırdı. Yüzlərlə adam öldürüldükdən sonra qulları dağıtdılar. Bununla məsələ bitmədi: onlarca təkatlı saray arabası, Firon başda olaraq, vuruşma meydanına gəldi. “Üsyan başçıları əldə edilsin!” – deyə əmr verildi. Qullara işgəncələr verilərək təhrik edənlər soruldu. Nəhayət, Mariqeri ələ keçdi. Firon onu tanıyıb, saraya götürdü. O biri gün sarayın böyük salonunda təntənəli bir məclis düzəldi. Firon və arvadı taxtda əyləşdi. Mariqeri gətirilib mühakimə olundu. Sonra ölümə məhkum olmasını elan etdilər. Cəlladlardan birisi qabda zəhər gətirdi. Mariqeri zəhəri mətanətli bir təbəssümlə qarşıladı: – Heyvanları himayə edərək, İnsanları heyvan şəklinə salan bir həyatı məmnuniyyətlə tərk edirəm! – deyib, zəhəri başına çəkdi. Bu anda zənci qızı salonun ortasına sıçradı, qabda qalan zəhəri içib, Mariqeriyə sarıldı. Ikisi də birlikdə döşəmənin üzərinə yıxıldı”. Ərən hekayəsini qurtarıb oturdu. Neylərin yanıqlı səsi hekayədən doğan təsiri bir qat daha dərinləşdirdi. 17 Altıncı pilləyə çıxmaq istədik, yenə ərən durub hekayəyə başladı: – “Hind diyarında bir kənd varmış. Bu kəndin xalqı buğda əkib, ipək saxlamaqla həyatlarını təmin edərmişlər. Bir il buğda əkilir, yağış olmur, xalq gündə üç dəfə duaya çıxıb, qurbanlar kəsib, allahlardan yardım gözləyirmişlər. Göylər, sanki inad edərək, xalqın duasını eşitməz olur. Brahmaya35müraciət edirlər. Brahma hamını müsəllaya çağırır. Kişi, qadın çoluq-çocuq evləri tərk edərək tarlaya doğru çıxır və duaya başlayırlar. – Aqni38Indira!33Ritu34! – sizi deyə gəldik. Parlaq və müəzzəm Aqni, bizi himayə et! – Indira, ey mütləq padşah, yanımıza gəl, gəl də qurbanımızı qəbul et. – Ritu, ey fəslin ümidi! Yardımını bizdən əsirgəmə! – Göylərin yüksəkliyindən baxın, bizi nəzərdən salmayın! – Pak işıqlı Aqni, müğənnilərin səsi, şairlərin qəsidəsi həp sənə doğru yüksəlir! Gəl də, soma**piyaləsindən dad! – Indira, səni çağırırıq! İkiatlı altun arabana min, Marutu36da yanında oturt, gəl! Ey soma dostu, gəl də bizi şad et! – Zəngin və qəvi İndira, tarlalarımızı himayə et, yağışını əsirgəmə!.. – Gəlin, gəlin, ey göylərin ağası, bizi xoşbəxt edin. Gəlin, qurbanımızı qəbul edin! Gəlin bal kimi somamızdan dadın!.. Brahmanın duası da göylərə təsir etmir. Quraqlıq tarlaları xarab etmədə davam edir. Dəfələrlə müsəllaya çıxılırsa da göydən yerə bir damla belə düşmür. Taxıl yanır, aclıq İnsanları fəlakətə sövq edir. Qış gəlmədən hərə bir tərəfə qaçmağa başlayır. Aclar önünə gələn kəndləri talayaraq, irəliləyir. Başqa yerlərin acları da bunlara qoşulub, böyük bir axın əmələ gətirir. Artıq İnsanlar bir-birini yeməyə başlayır. Növbə ilə çocuqları kəsməyə dururlar. Bir dul qadının doqquz yaşında yeganə bir oğlu var imiş. Bir gün sonra kəsilmək növbətinin oğluna gəlməsini duyaraq, çarələr aramağa başlayır. Nəhayət, gecənin bir yarısı oğlunu bir ağac üzərinə mindirib, Qanq çayına atır: – Oğlum, Qatama, – deyir, – ana üçün ən böyük dəhşət övladının kəsilməsini görməkdir. Get, səni Maruta tapşırıram. Başına bir iş də gəlsə, qoy məndən uzaqda gəlsin. Səni aclıq içində böyütdüm, südümü səndən əsirgəmədim!.. Parlaq Aqni də himayəsini səndən əsirgəməsin! Ananı unutma! Atandan yadigar olaraq, bir bazubənd qalmışdı, qoluna bağlamışam. Ananı könlün istədikdə qoxusunu ondan al!.. Çocuğun bağırtısı ananın seyhələrinə qarışdı. “Ana!” – deyə hayqıran körpəni su götürdü; qoca Qanqın kənarı göz yaşları ilə islandı... Iki gündən sonra çocuğun mindiyi ağac bir lilliyə çıxaraq dayandı. Suya gələn bir qoca bunu görərək, çocuğu açıb kənara çıxartdı. Burada qırx çılpaq kişi oturmuşdu. Çocuğu aralarına alıb yedirib-içirdilər. Sonra ona bir-bir sual verməyə başladılar: – Dünyada ən böyük nədir? – deyə biri sordu. Çocuq: – Aqnidir, – dedi. Qırxlar bir yerdə: – Fəqir onu inkar edər, – dedilər. Bir ayrısı: – İnsan üçün ən zəruri nədir? – deyə sordu. Çocuq: – Yemək, su və hava! – deyə cavab verdi. Qırxlar yenə bir yerdə: – Fəqir onu inkar edər, – dedilər. – Dünyada ən böyük rəhbər kimdir? – Brahma! – Fəqir onu inkar edər!.. – İnsanlara kim hökm edər? – Padşah. – Fəqir onu inkar edər!.. Xülasə, çocuq mühitində böyük deyə eşitdiyi amilləri fəqirlər inkar etdilər. Nəhayət, fəqirlərdən biri ona: – Bədənə kim hakimdir? – deyə bir sual da verdi. Çocuq çox düşünmədən: – Baş, – dedi. Fəqirlər başlarını bədənlərindən ayırıb, yerə atdılar. hər bir baş bir tərəfə düşərək: – Fəqir onu inkar edər! – deyə bağırdı. Çocuq bu mənzərədən dəhşətlənib ağladı. Başlar haman yerdən qalxaraq, bədənlərə qovuşdu. Fəqirlər çocuğun gözlərini silib, onu sakit etdilər. Nahar vaxtı fəqirlər durub yanlarındakı meşəyə gedib, hərəsi oradan bir ilan gətirdi. Ilanın bir qarış başından, bir qarış quyruğundan kəsib yedilər. Yeməyi bitirən kimi hərəsi uçub bir ağacın başına qondu. Çocuq yenə qorxub ağladı. Fəqirlər haman döndülər, onun gözlərini silib, yenə sakit etdilər... Bu əsnada Ceyniz qolumu sıxaraq: – Bu ərən də bizi xam ələ salmış: adam da uçarmı? – deyə qulağıma pıçıldadı. Istehzalı təbəssümumü güclə gizlədim. Ərən nağılına davam edirdi:... Ay ötdü, il dolandı, çocuq fəqirlərin tühaf hərəkətlərinə alışdı. Fəqirlər də onu yapdıqları sehrin sirrinə vaqif etdilər... Qatama bir neçə il burada qalıb, tam bir sehr ustası oldu. Bir gün Qatama qolundakı bazubəndə baxaraq, anasını xatırladı. Dərdini fəqirlərə söyləyərək onları tərk etdi. Qanqın şimalına doğru yürüyərək hər yerdə sehr göstərib, yeməyini təmin edirdi. Nəhayət, gəlib bir kəndə çıxdı. Xalq fəqir gəlməsini duyaraq ətrafına toplandı. Qatama xalqa cürbəcür sehrlər göstərdi. Əvvəl başını çıxardıb yerə atdı. Sonra qolunun birini qoparıb, bir qadına uzatdı. Qadın Qatamanın qolundakı bazubəndi görcək qışqırıb bayıldı. Qatama qadına yaxınlaşıb, onu diqqətlə süzdü. Birdən: – Ana! – deyə bağırdı. Bir dəqiqə sonra ana və oğul bir-birinə sarılıb, sevinc yaşları axıtdılar. 18 Son pilləyə çıxmaq lazım idi. Ney səsi kəsilər-kəsilməz yeddinci ərən yerindən qalxıb: – Dur! – dedi, durduq. – Dur! Ərənlərin son hekayəsini dinlə! Ərən hekayəsini başladı. – “Atinada zənginliyi ilə məşhur olmuş Nestor gümüş mədənlərini dolaşmağa başlamışdı. Son zamanlar məmləkətin varidatı məsələləri dövlət adamlarını çox məşğul etmədə idi; gümüş də ölkə gəlirləri arasında mühüm bir yer tuturdu. Nestor da təcrübəli bir tacir olduğu üçün məsələni anlamış və xüsusi mədənlərinə olan diqqətini bir qat daha artırmışdı. Lakin mədənlərin övzaından çox da məmnun deyildi: əvvələn, mədəndə işləyən qulların sayı az idi; ikinci, keyfiyyət etibarilə qulların gördükləri iş də əməli bir nəticəyə varmırdı. Hər yerdə tənbəllik və saxtalıq görünürdü. Nestor qullarını qorxutmaq üçün dolaşdığı yerlərdə onların bir neçəsini döydürməyi adət etmişdi. Bu dəfə də çox adam döydürdü. Lakin indiyə qədər qullar arasında təsadüf etmədiyi bir simaya rast gəldi. Filip adlı birisi döyüldükcə Nestoru və eyni zamanda hökuməti söymək cəsarətində bulundu. Nestor mədənləri ağır hisslərlə tərk etdi. Atinaya döndükdə qul bazarına gəldi. Dəllallar bazara çox qul gətirmişdilər. Bunların içindəhər qisim adamlar var idi: iri gözlü, qıvrım saqqallı assurilər; çil sifətli, ətli burunlu israillilər; kübar, simalı midiyalılar, qıyqac gözlü iskitlər, zəncilər, əlvan geyimli Kapadosya, Lidiya və ada xalqları nəzəri cəlb edirdi. Satışa qoyulanlar arasında cürbəcür yaşlı qızlar da az deyildi. Çox müştəri olmadığı üçün Nestor qulların bu günkü qiymətlərini əlverişli bulub, iyirmi beş dənəsini aldı və çələklətdirib, çodarların birisi ilə mədənə göndərdi. Nestor Misirdən gələcək bir gəmi haqqında məlumat almaq üçün sahilə enmək istədi, bir də o günü evində ziyafət olacağını xatırlayıb, geri döndü. Nestor yeni tikdirdiyi evini süsləndirmək, əlavə olaraq, şöhrətini artırmaq üçün özünün ağ mərmərdən heykəlini yapdırırdı. Gündə bir saat məşhur heykəltəraş Alqamenin önündə poza almaq icab edirdi. Ziyafət vaxtına qədər bu vəzifəni də görə biləcəyini hesablayıb, Alqamenin evinə getdi. Ancaq hesabı düz çıxmadı, Alqamen onu bir az artıq ləngitdi. Evə gəldikdə bütün qonaqlarını orada gördü. Üzr istəyib hinekeyə37 keçdi və yemək verilməsini əmr etdi. Haman qullar xörəkləri müsafir otağına daşımağa başladılar. Bəzi Atina filosof, şair və həkimləri burada idi. Ziyafət başlandı. Əlvan yeməklər bitdikdən sonra allahlara və milli qəhrəmanlara dua oxundu. Sonra qonaqların başına çiçək çələnglər taxılıb, içkiyə başlandı. İncə vazlarda şərablar gətirildi. Içəri əlində setar†gözəl bir qız girdi. Zərif paltarı bütün vücudunu əks etdirirdi. Bunu mütəaqib gözəl üzlü, qəvi əndamlı gənc bir oğlan da gəldi. Oğlanın əlində ney var idi. Çalğı və rəqs başlandı. Şərab nəşəsi musiqi ahənginə qarışaraq gənc çalğıçıların ətrafında cazibəli bir hayilə təşkil etdi; qonaqlar Erosdan39ilham almağa başladılar. başladılar. Anakreon məst bir halda yanındakı Fedrə: – Dostum, – dedi, – fikrimdə yanılmıram, zənnindəyəm. Yaradılışda ən əzəli qüvvə eşqdir. Eros allahların ən qədimi, ən gənci və ən parlağıdır. Zevs haqqı, Zevsdən daha yüksəkdir. Fedr gülümsədi: – Bu doğru, – dedi, – lakin eşq nədir? Eşq ruhun zəruri və təbii xəstəliyi deyilmi?.. Diotim onun sözlərini kəsdi: – Yox, Fedr, eşqə xəstəlik demək doğru olmaz. Çünki eşq ölməz, daima canlı bir qüvvədir. Lakin eşq iki qisimdir: biri göylərdə Afrodit40qəlbində bəslənən, o biri isə yerdə avam arasında dolaşan eşqdir. Göy eşqi heç bir məqsəd təqib etməz, təmiz və yüksəkdir. Bu, bir cinsin eyni cinsə qarşı bəslədiyi hissdən ibarətdir: kişinin kişiyə, qadının qadına. Adi eşq, yəni avam eşqi, övlad törətməyin müqəddiməsidir. Birincisi öz-özlüyündə məqsəd bulan kimi, ikincisi isə məqsəd vasitəsidir. Şair Alse: – Diotim, – deyə sözə başladı, – eşq Afroditin ürəklərə qonaq gəlib, buraxdığı atəşdir. Yanaraq iki qəlbin alovunu bir-birinə qarışdırar. Eşq, iştə, ruh məbədlərində yanan daimi atəş! Həkim Mimnern əlindəki piyaləni masanın üstünə qoyub dedi: – Diotimin eşq nəzəriyyəsi ilə heç də razı ola bilmərəm. Eşq eyni cinslərin deyil, başqa-başqa cinslərin zürriyyət törətmək məqsədi ilə bir-birinə isnişməyindən ibarətdir. İstər İnsan, istərsə heyvan və bitkilər arasında erkəyin dişiyə, dişinin erkəyə qarşı bəslədiyi arzu əvvəllər xəstə bir hal törədir. Məqsəd uzaqlaşarsa, bu xəstəlik bir az da dərinləşir. Nəhayət, cismi ehtiyac dəf olunduqdan sonra xəstəlik də yox olur. Bir cinsin eyni cinsə qarşı bəslədiyi ehtiras təbiətə qarşı üsyan etməkdən başqa bir şey deyildir!.. Məclisdəkilər tamamilə məst bir halda idi. Çalğıçılar qucaqlardan qucaqlara keçir, onların mədhində nitqlər, şeirlər söylənirdi. Ev sahibi Nestor da gah qızın, gah oğlanın qarşısında diz çökərək məntiqsiz, mənasız sözlər söyləyirdi. Bir də qapı açılıb, içəri cındır paltarlı, kirli simalı bir adam girdi. Bunun gəlməsi kimsənin marağına mucib olmadı. Yalnız Nestor süst bir baxışla onu süzüb: – Filip! – deyə bağırdı. Filip yırtıcı kimi sıçradı. Yalnız sağ əlinin bir anda qalxıb enməsi göründü. Nestor yıxıldı. Ürəyindən fışıltı ilə axan qan ətrafını islatmağa başladı”. Ərən hekayəsini bitirən kimi yenə neylər çalındı. 19 Yeddi Xoruz məbədinə girdik. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Yuxarı başda duran ağ geyimli yeddi qız əlvan rəngli işıqlar arasında hind əfsanələrini andırırdı. Mehraba yanaşıb durduq. Yeddi ərən də qızların ətrafına toplanıb, ney çalmağa başladı. Qadın, kişi – bütün qəbilə xalqı buraya toplandı. Ayinə hörmətən hər kəs susub, qızların oxumasına müntəzir idi. Qızlar gözəl bir səslə başladılar: Eldən ayrı tutdum xoruz yolunu, “Haqq bilib tutduğum yoldan ayrılmam!” Xoruzların baqi etdim dölünü, “Haqq bilib tutduğum yoldan ayrılmam!” Yeddi ərən səsi haqqın səsidir, Neylərin sədası aşiq dərsidir, Məbədi güldürən gənc həvəsidir. “Haqq bilib tutduğum yoldan ayrılmam!” Alovlu atəşdən riza alayım. Torpaq, hava əsrarına dalayım, Su yolunda qönçə bir gül olayım, “Haqq bilib tutduğum yoldan ayrılmam!” Yurdumuz böyüyüb, çiçəklər açdı, Əmək nurlarını aləmə saçdı, Zalimlər əzilib, kənara qaçdı, “Haqq bilib tutduğum yoldan ayrılmam!” Biz yeddi qız haqqın şən çırağıyız. Məbədlərə nur verən dildadəyiz. Odlanıb, həzz duyan bir pərvanəyiz. “Haqq bilib tutduğum yoldan ayrılmam” Ayin bitər-bitməz əvvəl ərənlər, qızlar, müəllimlərimiz, sonra bütün qəbilə xalqı gənclərə yanaşıb, bizə səadətlər dilədilər. Bir çox çiçəklər, balaca xoruzlar da hədiyyə edənlər oldu. Ata və anamızın fərəhinin həddi yox idi. Artıq bütün adət və ayinlər bitmişdi. Qəbilədəki son axşamımızı ailəmizdə keçirib, sabah tezdən “Qoç” qəbiləsinə yola düşməli idik. Anam əlindən gələn xörəkləri hazırlayıb, hamımız şad bir halda süfrənin ətrafına toplanmışdıq. Atam dedi: – Çopo, sən sabah bizdən ayrılırsan. Ata-ana üçün ən böyük səadət övladının salamat və xoşbəxt olmasıdır. Get xoşbəxt ol, salamat səsin gəlsin! Ancaq həyat tühaf bir şeydir, bunu bil! O, çalışanların və bacaranların malıdır. Çalışmayanlar, acizlər, tənbəllər və acı təbiətlilər həyatda müvəffəq olmazlar. Bunu bil! Ailə həyatına gəldikdə, bu da tühaf bir şeydir. Bu çox ölçüb-biçməyə gəlməz – çıxmaq ilədir. Yaxşı zənn etdiyin fənaya dönə bilər; fəna görünən də yaxşı çıxa bilər. Hər halda Qızlar bulağında özünə həyat yoldaşı seçərkən zahiri gözəlliyə çox da uyma. Zahir müvəqqəti bir şeydir; bu gün var, sabah yox ola bilər. Dəruni gözəllik isə sabit və dəyişilməz bir qüvvədir. Onu doğru təyin edib seçmək – səadət qapısını bulmaq deməkdir. Eşq qeyri-sabit bir amil və ələləksər coşmuş ehtiras uydurmasıdır. Eşqə bel bağlamaq ayıqlığa vida deməkdir. Eşq cazibəsinə çox da aldanma! Lakin var deyib, inansan, inamında davam et, şübhələrə meydan vermə. Eşq sönmüş də olsa onu alovlandırmağa çalış. Çünki İnsanın xəyalı olmazsa, həyat məhsulsuz bir səhraya dönər. İnsan, iradəsinə malik olmaq qüvvəsindən məhrum bir xilqətdir. Iradən mühit şəraitinə toxunub əzilərsə, məyus olma, cəmiyyətə sarıl da, şəraiti dəyişməyə çalış. Fərdi acizliyi yalnız cəmiyyət təsviyə edə bilər. Cəmiyyət faydasını həmişə öz fərdi faydandan üstün tut!.. Atamın bu məaldakı nəsihətlərini anam başını tərpətməklə təsdiq edirdi. Bacım isə yalnız gülümsəmə ilə iktifa edirdi. Atam sözlərinə bir az fasilə verib, yenidən başladı: – “Quzğun”dan bizim evə gələn gənci biz yola verəcəyik, zənnindəyəm. Çünki nə mən, nə anan gənclərin xüsusi həyatına qarışmaq niyyətində olmayacağıq. Sənin “Qoç”da övlad olacağın evi hələ bilmirəm. Ancaq rəftar adama bağlıdır. Sən istəsən qayınatan və qayınananın çəmini taparsan. Köhnələrin də rəyi ilə bir az hesablaşmaq lazımdır. Yoxsa ömrünüzü zəhərlərlər. Hərə bir təbiətə malikdir. Təbiətin yolunu tapmalıdır. İnsan coşar, daşar, bu zaman ağıl yolunu şaşar. O əsnada müəyyən məsələ haqqındakı qərarından çəkin. Salamat yolu yalnız sakit ağıl göstərə bilər!.. Atamın nəsihətlərini dinləyib, doğrusu, dərk edə bilmirdim. Ürəyimə qapılaraq, həp sabahı düşünürdüm. Bütün fikir və xəyalım Qızlar bulağı ətrafında cövlan edirdi... Ah, nə gözəl dəqiqələr idi! * * * 1 Zərdüştilərdə işıq allahı. 2 Qadın deməkdir, din, pərəstiş doğruluq və pakizəlik mənalarında qollanır. 3 Pəridar-xoruz. 4 Əhrimən-qaranlıq allahıdır. 5 Muğ-cəmi Muğandır. Muğan səhrası bunların adı ilə bağlıdır. 6 Od keşikçisi; azərban. 7 Baş möbid-baş ruhani 8 Gəncənin qədim adı. 9 Midiyanın paytaxtı 10 “Avesta”nın şərhi. 11 İbadət zamanı üzün yarısını qapayan örtük... 12 Bitki 13 Məbəddə işlənən çörək 14 Aypara şəklində dayaq 15 Bağlı çubuq dəstəsi. 16 Qəbiristan deməkdir. Qədim zamanlar meyidi yerə qoyurdular, quşlar ətini diddikdən sonra sümükləri üst-üstə yığırdılar. Basdırmaq adət deyildi.. 17 “Avesta”nın bir fəslidir. 18 Həmədan hökmdarlarından bir qadın 19 Surəti, əkizi. 20 Perserolis - Qədim Pars paytaxtı; Istəxr. 21 Podnos 22 Qara dənizin qədim adı. 23 Midiyanın son hökmdarı. 24 Pars səltənətini təsis edən. 25 Pars paytaxtı. 26 Göy allahı 27 Yer allahı. 28 Su allahı. 29 Eşq ilahəsi; Sürəyya ulduzuna müqabildir 30 Qızıl İrmaqın qədim adı. 31 Ruhani. 32 Atəş allahı 33 Fəza və yağış allahı. 34 Fəsil allahı. 35 İçgi. 36 Sabah yeli, nəsim 37 Hərəm dairəsi. 38 Musiqi aləti. 39 Eşq allahı. 40 Eşq ilahəsi. * * * İkinci hissə 1 Günəş ilk şüasını Totem dağına atdıqda qəbiləmizi tərk etdik. On beş gənc idik. Qəbilə şurası müməssili Cürceys və müəllimimiz Kəbusey də bizi təşyi edirdi. Örüşdən uzaqlaşaraq düz yola çıxdıq. Ətrafdakı meşələr çiçək içində idi. Baharın ilıq havası da rayihə saçırdı. Təbii gözəlliyin qarşısında hər kəs susmuş, sanki ahəngi pozar deyə kimsə danışmağa cəsarət etmir. Qoca Kəbusey bir şeylər düşünür, gülümsəyirdi. – Yenə nədir, ərən? – deyə Cürceys sordu. – Görünür, yola qələbə çalmağa qocalıq imkan vermir. – Elə! Elə, əzizim! – dedi. – Hər halda altmış il əvvəl bu yolu ilk dəfə tanıdıqda başqa bir sürətlə gedirdim. – Ha-ha-ha!.. Mən belə, qırx il əvvəl başqa bir zövq, başqa bir nəşə duyurdum. – Elə, elə! Indi artıq qocaldıq, qüruba doğru gedirik. Bir gün olacaq ki, üfüq bizi arxasında gizləyəcək... Tühaf bir gərdiş: gəldik, getdik; gəlib getmişlər və... gələcəklər... gedəcəklər. İştə, əzəliyyət və əbədiyyət! Cürceys gülümsədi və hüznlü bir düşüncəyə dalan Kəbuseyi süzərək: – Ərən, – dedi, – mən ictimai işlərə məşğul bir adamam. Mücərrəd məsələlərlə heç də uğraşmadım. Lakin sənin sözlərin məni düşündürür. Nədir bu həngamə? – deməzmisən? – “Nədir” deyənlərə cavab gəlməmiş! Cürceys qane görünməyən bir sima ilə müəllimə baxdı. İkisi də durdu. Kəbusey tövşüyərək: – İdrakın o tayı dərin bir dənizdir, oraya gecən qərq olar, – dedi. Sözlərindən maraqlanıb, qocaların ətrafına toplandıq. Müəllim bizi süzdü, birdən kədərli üzündə bir nəşə parladı: – Cürceys, – dedi, – uzaqlar İnsanı üzər, yaxınlarla uğraşalım. İştə, gənclər aşır, daşır, coşur; min bir həvəs, min bir fərəh verir! Bir daha gənc olmaq üçün nələr verməzdim! Gözlərini Kəbuseydən ayırmayan Cürceysin marağı bir az da artdı: – Ərən, gəldiyimə peşmanam: həyatımda ictimai işlərdən başqa bir şey tanımaz, mücərrəd fikirlərlə uğraşmazdım. Indi malik olduğum şəxsdən başqa məndə ayrı bir şəxs oyatdın. Onun suallarına cavab verməkdən acizəm. – Oyananı uyut! Çəkilən hüdudu keçməyə İnsan müstəid deyil. Həyatımın qırx ilini fəlsəfə ilə uğraşdım, idrakın o tayına keçməyə qalxışdım... Qırx gözəl ili qaib etməkdən başqa bir şey əldə edə bilmədim. Yalnız bir həqiqət öyrəndim – azad yaşamaq, tox yaşamaq. İştə, o həqiqət! Bu iki amili də təmin edən əməkdir. Çalışmalı, yaşamalı, yaşatmalı! 2 Meşəlikdən çıxarkən ağ binalı qəbilənin yaşıllıqları gözümüzə çarpdı. Burada zahiri gözəllikdən başqa anlaşılmaz bir şeylər vardı. Sanki qəbilə havasında mənəvi bir qida var; nəfəs alarkən ciyərlərə həyat bəxş edirdi. Bu havadan məst oldum. Həyəcanım belə susdu. Yalnız ürəyim sınıq qopuz iniltisi duyurdu. Hər kəsdən ayrılaraq kənarda hüznümlə rəfaqət etdiyimi duyar kimi, Kəbusey mənə yanaşdı: – Nə olmuş, oğlum? – deyə əlini umuzuma qoydu, gülümsəyərək məni süzdü, – əməl kasasına yavıqlaşırsan. Səadət şərbəti dodağına təmas edərək, varlığına başqa bir süs verəcək. Sakın, məst olma! Gəncliyin hər bir dəqiqəsini idrakla əhatə etməli. Səadət uçar bir ulduzdur. Şüur onun parlayışını artırır. Gəncliyi duymalı, hər addımını hiss etməli də, sonra həzzlərinə dalmalı. Müəllimin nəşəli simasına baxarkən hisslərim oyandı; dərunimdə həyəcanlar duydum... Qulağıma gələn səslər məni yuxudan ayıldan kimi oldu: qəbiləyə yaklaşan yolun üzərində bir alaqapı qurulmuşdu. Onun otağından asılan qoç başının burma buynuzları çiçəklərlə bəzənmişdi. Qəbilə müməssili ağ geyimli, ağ saçlı, qadın ortada dayanaraq bizi gözləyirdi. Yanındakı gənc qız əlində üstüörtülü bir təbsi tutmuşdu. Arxa tərəfdə kişilər, qadınlar və çocuqlar durmuşlardı. Çocuqların əlində çiçək dəmətləri vardı. Yaklaşdıq. Xalq bizi, totemləri olan qoçun şərəfinə “mə-ə-ə!” deyə mələşərək qarşıladı və ayaqlarımızın altına çiçəklər atdı. Biz də qəbiləmizin totemi xoruzun banlayışını andıran bir səslə onlara cavab verdik. Ön tərəfdə duran Cürceys qadına yanaşaraq təzim etdi. İkisi də qarşı-qarşıya durdu. Orta yaşlı iki qadın təbsinin örtüsünü qaldırdı. Oradan yeddi ağ daş çıxardılar. Qarşı-qarşıya duran iki qəbilə müməssillərinin sol əllərini qaldıraraq baş barmaqlarının şirin ətini cızdılar və çıxan qanı yaşıl bir yarpaq üzərində qarışdırıb yeddi daşa yaxdılar. Daşlar yolun ortasında basdırıldı. Bu adət iki qəbilə arasında əmələ gələn qardaşlığa işarə idi. Sağ tərəfdən yeddi ağsaqqal aralandı, yanaşaraq başımıza yeddi bürünc ulduzdan mütəşəkkil bir tac qoyub geri döndü. Bu adət yeddi qardaş ulduzun himayəsinə girdiyimizin rümuzu imiş. Sol tərəfdən yeddi ağbirçək qadın gəldi, hərəmizin köksünə mumdan qayrılmış yeddi nar taxaraq geri qayıtdı. Nar eşqin rümuzu imiş. Yeddi nar yeddi qardaş ulduzun bir-birinə qarşı bəslədikləri əbədi eşqə işarə imiş. Bu ayinlər bitdikdən sonra qoç buynuzlarından yapma zurnalar çalındı, qəbiləyə girdik. 3 Qəbilə müməssili olan qadının adı Şibra xatın imiş. Onun əmrinə görə bizə xidmət etmək üçün qəbilə gənclərindən on beş nəfər ayrılmış və yanımıza göndərilmişdi. Bizi, təxsis olunmuş otaqlardan alaraq ümumi hamama apardılar, yuyundurdular, yeni camaşır və ağ paltar geyindirib geri gətirdilər. Evimizin bağçasında masalar düzülmüşdü. Yeməyə oturduq. Bizdən başqa Şibra xatın, müəllim Nimrad, idman müəllimi Buğatay, filosof İlyus, sənətkarlar nümayəndəsi Ahənəsb və həkim Köyhun da vardı. Yorğun olduğumuzdan ziyafətdə başqalarının iştirakını lazım görməmişlərdi. Bir neçə növ yemək gəldi. Adətlərinə görə masanın başında oturan qəbilə şurası müməssili ağzına bir loğma qoymaqla ziyafəti açar və yalnız üç qisim yemək yeyildikdən sonra söhbətə başlanarmış. Şibra xatın əlini yeməyə uzatdı, biz də başladıq. Cansıxıcı bir sükut vardı. Ağızların marçıltısından başqa bir şey eşidilmirdi. Üçüncü bişmiş yeyilər-yeyilməz Şibra xatın ayağa qalxdı: – Əzizlərim, – dedi. – Xoş gəlmişsiniz. Həzrət qoçun ruhu yalnız siz doyduqdan sonra istirahət bula bildi. “Xoruz”la “Qoç”un qan qardaşlığı gözəl gənclərimizə səadət təmin etdiyi üçün onların şərəfinə badənuş olalım. Saxsı küplərdən tökülən namez adlı içki başa çəkildi. Əvvəlcə onlar mələşdi, sonra biz banlaşdıq. Bir az keçməmiş müəllim Nimrad Şibra xatının müsaidəsi ilə ayağa qalxdı. Orta yaşlı, uzun saçlı Nimrad geniş ətəyini umuzuna ataraq başladı: – Yavrularım, bağban gül bəsləməkdən həzz duyan kimi, müəllim də yetişdirdiyi gənclərin həvəsi ilə yaşar. İldə bir dəfə buraya toplanaraq uzun illər zəhməti ilə əmələ gələn məhsulumuzu tərk edər, yenilərinin yetişdirilməsi ilə məşğul olarıq. Lakin bizləri hissiz, sinirsiz ədd etməyin! Əmələ gətirdiyimiz gəncləri həyat səhnəsinə buraxarkən ürəyimizin bir parçasını qoparan kimi oluruq. Bu daimi kədərə qarşı böyük bir təsəlli buluruq, qəlblərində yandırdığımız həqiqət çırağının əbədi olacağına inanar, iman edərik. Qədəhlərinizi qaldırın, həqiqət çırağının sabit və baqiliyinə badənuş olalım. Çox çəkmədən söz növbəti filosof İlyusa çatdı. İlyus uzun saqqallı, dolaşıq saçlı, ağır gövdəli bir qoca idi. Zorla yerindən qalxdı və yemək yediyi çöplərdən birini barmaqları arasında fırladaraq bir-iki dəfə bərkdən gözlərini qırpdı. Filosofun çöplərinə gözü sataşan Ceyniz gülümsədi və qolumu sıxaraq: – Bu hərifə bax, gör nə qədər gülüncdür, – deyə qulağıma pıçıldadı. Mən gülməkdən özümü güclə saxladım. İlyus axırda gözlərini büsbütün yumdu və sözə başladı: – Vətəndaşlar, – dedi. – Bu masanın arxasında oturduğum ilk gündən əlli beş bahar keçir. Bu nə deməkdir? – Təbiətin əlli beş dəfə ölüb dirilməsi deməkdir. Ilin dəyişməsi qarşımızda yel vurarkən sönüb dirilən bir şamı andırdığı kimi, İnsan həyatı da əbədiyyət qarşısında belə bir şeydir. Biri sönər, o biri yanar. Fərdlər dəyişilir, lakin həyat baqi qalır... İştə, bu gün keçmişə qarışmaq istəyən baharlarımızdan birini yeni həyata əlavə edirik. Yaşasın keçmişlə gələcəyin arasında əbədi bir körpü təşkil edən gənclik! Qədəhlərinizi götürün, əbədi həyatın parlaqlığı şərəfinə içəlim! Qədəhlər qaldırıldı, yenə yeməyə məşğul oldular. Bir də Ahənəsb qalxdı: – Əməkdaşlar, – dedi, – həyat zəhmətin məhsuludur. Zəhmət olmasa, dirilik də olmaz. Zəhmət, yalnız zəhmət əbədiyyəti təmin edər. Bizi heyvanlardan ayıran, bizə zəka bəxş edən, idrakımızı inkişaf etdirən zəhmət deyilmi? Məişətimizi yüngülləşdirən, bizə maddi və mənəvi istirahət verən, biliyi öyrədən zəhmət deyilmi? Zəhmətin şərəfinə içək və övladlarımızın da bu yolla getməsini təmənna edək! 4 Ahənəsb namezini içdi, oturdu. Bir müddət məclis sakit keçdi. Birdən ağacların arasında görünən tühaf bir sima hər kəsin nəzərini özünə cəlb etdi. Qara və uzun saçlı, parlaq gözlü, ətəkləri umuzundan arxa tərəfə sallanaraq zövqlü qırışlar təşkil edən bu sima bizə doğru gəlirdi. Başındakı ulduzlu qalpağının yan tərəflərində qoç buynuzları vardı. Əlindəki üçsimli qopuzu çiçəklərlə bəzənmişdi. Masaya yanaşar-yanaşmaz parlaq gözlərini göylərə dikərək incə səslə oxudu. Qopuzun ilahi səsi ruhumuza əks edərək, bizdə həyəcanlı nəşələr doğurdu. Əvvəl istehza ilə ona baxan Ceyniz müztərib oldu. Mənə qısılaraq məst bir hal aldı. İrticalən söylədiyi şeirdən şair olduğu meydana çıxdı, – Bu kimdir? – deyə sorduqda: – Şair Milnir, – cavabını verdilər. Milnir şərqisini qurtardı və incə səsli qopuzla bir “xoş gəldi” havası çaldı. Haman qədəhlər doldu. Hər kəs ehtiramla ayağa qalxdı: şairin şərəfinə içildi. Milnir Şibra xatının sağ tərəfində oturdu. Ona ayrıca yemək gəldi. Əsəbi əlləri ilə cəld çöplərə yapışdı, sürətlə yeməyə başladı. Təbəssümlü gözləri ilə şairi süzən Şibra onun qulağına bir şeylər pıçıldadı. Şair səksəkəli bir quş kimi çırpındı, saçlarını titrətdi, ayağa qalxdı. hər tərəfdən üzlər ona tərəf çevrildi. Şairin mavi gözləri sakin dənizi andırırdı. Üzündə ilham şüaları parlayırdı. Sol əli ilə uzun saçlarını oxşayaraq sözə başladı: – Ey sabahın pak şehləri ilə bəslənmiş qönçələr! Qəlbimizin ilk baharı, göylərimizin bakir tülui, yaldız günəşi, incə buludları – həp sizə mədyundurlar. Siz əzəliyyətin coşqun dalğasından nəşə ilə qopan parlaq bir atəşiniz. Sizdə yanmaq, sizdə coşmaq – səadətindən bayqın səadətlərin amalıdır. Ey qərib səyyarəmizi titrədən sədaların sədası! Ey baharın sakin sahilində yelkən fırladan yolçunun asi duası. Ey qanadlı nəşələrlə kainata əbədiyyət saçan gənclik! Mən də, qopuzum da, şerim də, ilhamım da, fikrim də, nisyanım da... həp sizinlə mədyundurlar. Gözlərindən yaşlar süzələnən şairin səsi tənha çinar yarpağı kimi titrədi, qırıldı. Qədəhlər qalxdı: – Yaşa şair! – deyə səslər qopdu. Şair içdi və gənclərə qarşı bəslədiyi hisslərin baqiliyinə işarə olaraq, qədəhini qopuzunun üzərində sındırdı. 5 Ziyafətdən sonra evə döndük. Yatmaq üçün iki adama bir otaq təxsis edilmişdi. Ceynizlə bir yerdə düşdük. Namezin təsirindən qurtarmadığımız üçün bir müddət uyuya bilmədik. Ceyniz təbiətən hər şeyi təhlil və tənqid edər və hamının çox məqbul gördüyü şeylərdən belə şübhə edərdi. Bu dəfə də adət və ayinlərimizdən bəhs açıldı, mən ənənələri təqdis edənlərdənəm. İnanmadığım bir adətə qarşı belə duakar bir vəziyyət alaram. Ceyniz isə istehza edər, özü inanmadığı bəs deyil, mənim də imanımı şübhə ilə zəhərlər. Bu günkü intibalarımı ona vəcdlə anladarkən Ceyniz adəti üzrə istehza ilə güldü: – Mühafizəkarlıq həyata durğunluq verir, – dedi, – halbuki durğunluq həyata yakışmayan bir sifətdir. – Bu doğru, – dedim; – ancaq mühafizəkarlığa riayət olunmazsa, əsrlərin təcrübəsindən istifadə edilməz. Ənənə cəmiyyətin rüknüdür. – Ənənə olmasa cəmiyyət yaşamazmı? – Yaşar, lakin sarsıntı ilə yaşar. – Ənənə deyil, ağıl, daha doğrusu, kollektiv bir ağıl lazımdır. – Zatən ənənə nəsillərdən intiqal etmiş kollektiv bir ağıl deyilmi? – Xeyr! Tarixin tozlarına bulaşmış bir ağıl zəmanəmizə uyamaz. Cəmiyyətimizə canlı bir ağıl lazımdır. – Canlı ağıl irsiyyət qanununa tabe deyilmi? Sənin təsəvvür etdiyin hər bir canlı ağlında əsrlərin izi var. – Buna deyəcək sözüm yox, ancaq ağıl mühakimə qüvvəsindən məhrum olmadığı halda, ənənə bu mühakimələri tanımır. Əcdadın mənəviyyatına uydurulmuş bir ölçü bizə də tövsiyə olunur. Halbuki bizim mənəviyyatımız onlarınkından başqadır. – Əcdadın mənəviyyat dairəsi dar olsa belə onun məzmunu bizə mane təşkil edəməz. Çünki keçmişin təcrübəsi hal-hazır üçün faydalıdır. Bizim ənənələrimizdə əsrlərin təcrübəsindən başqa bir də anlaşılmaz bir hüsn var. Istehza etsən belə mən bu hüsnün məftunuyam. Sözlərimdən Çeynizin dodaqlarından şübhəli bir təbəssüm zühur etdi. – Dostum, – dedi, – hər şeyi anlaram, ancaq hüsn deyə məftunu olduğun o şey mənə yabançıdır. – Deməli, başqa-başqa fitrətə malik olduğumuzdan bir-birimizi anlaya bilməyəcəyik. Onun üçün uyumağı daha faydalı görürəm. Ceyniz üzünü divara çevirərək gözlərini yumdu. 6 Gəldiyimizin üçüncü günü Qızlar bulağına getmək adət imiş. Sabahdan bizə bildirildi, hazırlaşdıq, verilən ağ paltarları geydik, hər kəs var qüvvəsi ilə özünə süs vermədə idi. Yalnız Ceyniz həmişəki kimi tərəddüd içində görünürdü: – Yenə nə var, dostum? – dedim. Cavabında ağzını büzdü. – Ceyniz, – dedim, – hər bir şübhə və tərəddüdünü anlayıram. Lakin indiki halın mənə yabançıdır. – Nədən? – Çünki gəncdə gənclik təzahürü o qədər təbiidir ki, izaha yer qalmır. – Hər şey izaha möhtacdır. – Aydın söylə. – Aydın?.. Erkək sürünün dişi sürüyə qatılmasından çox da xoşlanmam. Evlənmək şəxsi iş olduğundan şəxslərə həvalə olunmalı. Nəşəmi Ceynizin şübhələri ilə zəhərləməmək üçün ondan ayrıldım və yemək zamanı belə başqası ilə oturdum. Günəş qübbənin ortasından yatağına doğru enərkən bizə birər gümüş naçar1 payladılar. Bəyəndiyimiz qızlara verəcəkmişik. Naçar indiyə kimi heç kəsə açılmayan sirlərimizin rümuzu imiş. Yola düşdük. Sarı dağın ətəyindəki yaşıl meşə altun üzərinə nəsb olunmuş firuzəni andırırdı. Göy otluğu bəzəyən çiçəklərin rayihəsi dimağa çökür, İnsanı məst edirdi. Əlvan rəngli daşlardan çağlayan suların yanı ilə dağa dikləndik. Yol geniş bir meydançaya çıxdı. Sol tərəfdə sərt qayanın köksündən qopan çeşmənin əsrarəngiz təranələri vardı. Ortalıqda əl-ələ tutuşaraq halqa təşkil edən ağ geyimli qızlar həzin-həzin oxuyurdular: Gəldik çeşməyə, Sudan içməyə, Ağca qoçlara Təzim etməyə... Dəstəmizi çəkən Milnir bu mənzərədən coşmuş kimi saçlarını tərpətdi, qopuzunu köksünə basaraq oxumağa başladı: Milnir – Bu dağların qızları var. Biz – Naçar, naçar, naçar, naçar. Milnir – Nəşələri, nazları var. Biz – Naçar, naçar, naçar, naçar. Milnir – Gül-çiçəkli yazları var. Biz – Naçar, naçar, naçar, naçar. Milnir – Şərqiləri, sazları var. Biz – Naçar, naçar, naçar, naçar. Səslərimiz sanki qızlara həyat bəxş etdi. Sayrışan ulduzlar kimi parladılar. Təbəssümlərindən busələr yağdı. İlahi bir cəzblə qızları əhatə edərək halqalandıq. Qızlar fırlanmalarında davam etdikcə biz də onları təqib edirdik: Qəbilə xalqı ətrafı bürümüşdü. Biz şərqilər söyləyərək meydançada qaçışdıqca, bunlar da arabir cürbəcür səslə: Naz-naz-naz. Tapılı-tapıl-taz. – deyə əllərindəki ağ daşları bir-birinə vururdular. Bu adət gənclərin səadət ulduzlarının bir-birinə qovuşmasına yardım etmək demək imiş. 7 Rəqs əsnasında təsadüfən qarşımdakı qızlardan birinin saçına toxundum: məni vulkandan sıçrayan bir atəş kimi yakdı: – Bağışla! – dedim. – Bir şey deyil! – deyə döndü və üzünə yayılmış tüklərinin arasından bütün varlığıma hakim bir təbəssüm parladı. Bir kasa namez içən kimi oldum: gənc vücudunun qoxusundan kefləndim. Dəfələrlə göz-gözə gəldik – ikimiz də sancıldıq qaldıq. Nəhayət, qıçlarımdakı qüvvələr məni tərk etməyə başlayınca sıranı buraxdım. Bulağın kənarında iri bir daş üzərində oturub, qızı gözlərimlə təqib edirdim. Şəffaf geyiminin altında parlaq cizgiləri, gözü qamaşdıran köksləri məndə gümüş naçarın təslimini tələb edirdi. Üzərində gözümün seyr etməsindən qıdıqlanırmış kimi cilvələnir, mənə təbəssümlər göndərirdi. Bir də sıradan çıxdı. Haman yanındakı oğlan da halqanı tərk etdi. Ürəyim hərəkətindən əl çəkdi, vücuduma buzlar yamandı... Bir də mənə doğru gəldiyini sezdim. Atəşli gözləri məni yenidən isitdi. Yerimdən qalxdım: – Bağışla, ehtimal yoruldun. İstirahət elə, yerimi sönə verirəm, – dedim. Məmnun bir halda razılıq elədi, qoluna girərək, yerimdə oturtdum. Onun hərarətini duydum, vücudumu titrətdi, sanki mən bütün kainatı da özümlə titrətdim. Günəş belə bir an əvvəl üfüq yatağına dalan kimi oldu. İlk dəfə olaraq onu diqqətlə süzdüm. Gənclik həyəcanından doğmuş bir pəri idi. Yanaqları qüruba süslər verər, dodaqları gülləri məhcub edər qədər gözəl idi. Vücudu yetişmiş dişilərə məxsus bir rayihə nəşr edir, köksü göylərə oxlar atırdı. Varlığını qaib etmiş iradəmi çağırdım. Cəsarətsiz bir halda səsləndi. Ürəkləndim... Gümüş naçarı rəşələrimlə bərabər ona təslim etdim. 8 Sabah tezdən qəbiləni gəzəcəyimizi Cürceys bizə xəbər verdi. Çörəklə bir kasa süd yeyib, evdən çıxdıq. Qəbilənin kənarındakı geniş bir meydanda qızlar və oğlanlar idmanla məşğul idilər. Həya yerlərindən başqa bədənləri tamamilə açıq idi. Yamacdakı iskəmlələrə yerləşdik. Buğatay əmr verdi, oyunlar başlandı. Əvvəl qaçışdılar, sonra ağır daşları qaldırdılar. Vücudu inkişaf etdirmək üçün bir çox hərəkət yapdılar və nəhayət, ox atma və at yarışı oldu. Hər bir oyunda birincilik qazananlara hədiyyələr verildi. Hədiyyə alınırkən Şibra xatın birincilərin alnından öpürdü. Bu sağlam vücudlu, qəvi əzələli gəncləri seyr edən Milnir şövqlə: – Bircə sağ tərəfdəki sarışın qıza baxın, – deyirdi. – Gözəllik nöqteyinəzərindən bu bir məfkurədir. Tənasübi tam. Bir yerdə qüsuru yoxdur. Üzü bir kərə xariqədir. Boynu, köksü, yancaqlarının xəfif cizgisi, bacaqları, xırda və zərif ayağı gözəlliyin nümunəsidir. Halbuki on üç yaşı ola-olmaya, hələ qızlar bulağından su içməmiş. İçsə bu gözəllik bir qat daha artacaq... Çalğıçı Kavus onun sözünü kəsərək: – Burası doğru, – dedi. – Lakin ruh və zövqü nə qədər gözəldir? Zövqsüz bir ruha malik isə, zahiri gözəlliyi heç deməkdir; çünki zahir batinin təzahüründən ibarət olmalı. Bu iki amil biri digərindən ayrılaraq mühakimə ediləməz. Cismani gözəlliyə bir ruhani hüsn də əlavə olunarsa, tam bir ahəng vücuda gələr. İlyus istehzalı təbəssümlə: – Ahəngi cisim, yoxsa ruh daha çox tamamlayır? – deyə sordu. Kavus çox düşünməyərək: – Əlbəttə, ruh! – dedi. – Ruhu tam bir tərbiyəyə tabe etmək olarmı? – Tam da olmasa, bir qədər olar. – Bu yolda başlıca amili nədə görürsən? – Musiqidə, çünki ruhu incəldən, ona İnsani hisslər təlqin etmədə musiqidən başqa bir amil görmürəm. – Hər bir şəxs musiqini öyrənməyə müstəiddirmi? – Aşağı-yuxarı hər bir şəxs öyrənə bilər. Ancaq biri ilhamla, digəri adi sənət kimi qəbul edər. – Daşçı daş yonarkən, bənna divar hörərkən ruhunda bir ahəng doğarmı? – Zənn etməm. – Deməli, musiqi də belədir. Yalnız ilhamla vücuda gələn musiqi ruhda ahəng doğura bilir. İlham təbiətin bəxş etdiyi bir imtiyazdır. İlhamlı İnsanlar mədən daşıyan torpağa bənzərlər. Vergisizlər ruhu ahəng atəşindən uzaqdır... Deməli... musiqiyə verdiyin əhəmiyyət bir az mübaliğəlidir. Bu əsnada Ahənəsb mübahisəyə qarışdı: – Mən, – dedi, – musiqi ilə əlaqədar deyiləm. Ruhunda nə olduğunu anlamam. Əlimə toxunan və gözlərimə görünən şeylərdən başqasına belə inana bilmirəm. Ancaq dəmirçilikdə şahidi olduğum bəzi şeylər var. Ağır işdən sonra bədənim yorulursa da, özümdə bir nəşə duyuram. Halbuki işləmədiyim günlər mənə bir süstlük gəlir... İlyus: – İştə, iştə! – deyə onun sözünü kəsdi. – Kavus, – dedi, – Ahənəsbin sözlərində bir hikmət var. Ruhda ahəng doğuracaq bir qüvvə varsa, o da zəhmətdir, çünki zəhmət cismin inkişafı ilə ruha da sirayət edir. Zahir batinin deyil, biləks, batin zahirin təzahürüdür. 9 İdman bitər-bitməz söhbət kəsildi. Bizi əlillər evinə apardılar. Qəbilənin çalışmaq iqtidarından məhrum bütün ünsürləri burada idi. Qəbilə şurası bunların yeyəcək, geyəcək və bütün ehtiyaclarını təmin etmişdi. Əlillər evində Nimradın məktəbinə getdik. Idmanda gördüyümüz uşaqların hamısı burada idi. Nimrad öz məktəbi və təhsil üsulu haqqında izahat verdi: – Əsas tərbiyə – həyatı olduğu kimi çocuqlara tanıtma, onun yüngülləşmə və gözəlləşməsi yolunda çalışmaqdır, – dedi. – Odur ki, çocuqlar işlərin hamısında iştirak edər və yeniliklər törətməyə təşviq olunarlar. Kəbusey böyük bir maraqla Nimradı dinlədi və suallar verdi: – Bir-birinə qarşı rəftarları necədir? – İstər bir-birinə, istərsə qəbilə üzvlərinə qarşı böyük hörmətləri var. – Tənbəllik edən varmı? – Əsla! Çünki əvvələn, idman tənbəlliyi kökündən yox edər. Sonra ilin bütün fəslini açıq havada keçirən tələbələr təbiətin bütün sərtliyinə alışır və istirahət məfhumuna yabançı qalırlar. Bir çox suallarla marağını dəf edən Kəbusey gənclərdən birini yanına çağırdı: – Oğlum, – dedi, – düşmən qəbiləyə hücum edərsə, vəzifənə nə düşər? – Cəmiyyətimiz yolunda şərəflə ölmək, – deyə gənc mətanətlə cavab verdi. Kəbusey gəncin alnından öpdü. 10 – Nimraddan sonra Kavus dərsə başladı: – Musiqi, – dedi, – zəhməti nəşələndirmək üçündür. Həyat çətinlikləri qarşısında musiqi İnsanda ruh yüksəkliyi və mübarizə hissi oyadarsa, böyük bir amil olduğunu isbat edər. Iştə, musiqimizin məqsədi bu! Kavus musiqi haqqında bəslədiyi fikirlərin doğruluğunu isbat etmək üçün çocuqlara bir neçə hava çaldırdı. Doğrudan da ruhumuza mətanət saçıldı. İlyus belə məmnun qaldı. Kavus ikinci bir əmr verdi. Gənclər musiqi alətlərini kənara buraxaraq əllərinə daş, taxta və dəmir parçaları aldılar. Kavus yenə kiçik bir izahat verdi: – Musiqi, – dedi, – təbiətdə gizli və ya gizli olmayan səslərdən ibarətdir. Musiqiçinin vəzifəsi bu səsləri kəşf edərək ahəngə salmaqdan ibarətdir. İştə, bu yoldakı təcrübələrimizdən biri! – deyə əlləri ilə işarə etdi. Gənclər əllərindəki şeyləri bir-birinə vuraraq elə bir hava çaldılar ki, ümumun alqışına səbəb oldular. Kavusun nəşəli siması bir də ciddiləşdi. – Musiqinin vəzifəsi bununla da bitmədi, – dedi. Musiqi əməyə sürət və ləzzət verməklə də böyük rol oynayır. Bizi əlli addımlıq bir məsafədə tikilən bir evin yanına apardılar. Divarları yeni tikilməyə başlamış bu binanın ətrafına daş tökülmüşdü. Bir çalada palçıq hazırlanmışdı. Kavusun əmri ilə gənclər binaya yaxınlaşaraq iki yerə bölündülər. Dəstənin biri daş, taxta və dəmir parçalarından ibarət olan şeyləri bir-birinə vuraraq tühaf bir hava çaldı, o birisi dəstə işə başladı: sürətlə daş və palçıq verildi, divar hörüldü. İşləyənlər yorulduqca vəzifələr dəyişilirdi: yorulanlar çalır, o birilər işləyirdi. Beləliklə az bir zamanda divarlar başa çatdı və kimsədə yorğunluq izi qalmadı. Xəstəxanada da Kavusun musiqi üsullarından istifadə edilirmiş. Həkim Keyhun bizə anlatdı: – Xəstəliyi tədavi etmək üçün vücudun mübarizə qüvvəsini artırmaq lazımdır. Təmiz hava, yemək və istirahət bu sahədə böyük rol oynayır. Lakin üçünün müştərək məhsulu ruh yüksəkliyinə bağlıdır. Ruhlara mətanət vermək üçün günün müəyyən vaxtları xəstələr üçün musiqi çalınır. Xəstəxanadan sonra bağ, bağça və tarlaları gəzdik. Hər yerdə iməcilik gördük. “Qoç” qəbiləsində də bizimki kimi xüsusi mülkiyyət yoxdur. – Hər bir şey ümumun və müştərək zəhmətin məhsuludur: istər zəhmət, istərsə məhsulun bölünməsi qəbilə şurasının öhdəsindədir. Xəstəxana, çocuq yurdu, məktəb və əlillər evi kimi ümumi müəssisələr də şura tərəfindən idarə olunur. 11 Bu gün yeməyi Qızlar bulağında seçdiyimiz qızlarla bərabər yedik. Hər kəs öz naçarlısı ilə yan-yana oturmuşdu. Mənimkinin adı Nuşa imiş. Qarşımızda oturanların arasında gözlərim Ceynizə sataşdı. Naçarlısı qayət şişman bir qız idi. Daima tərəddüd nəşəsizliyində çırpınan Ceynizi bu dəfə çox məmnun gördüm. Hər an naçarlısına ikramda bulunurdu. Namezlər verildi, hər kəs naçarlısı ilə badənuş olub öpüşdü. Nuşanın dodaqlarında hərarətli qan çırpıntısı duydum. Öpdükdən sonra ona yandan baxdım. Gözlərini dikərək qıpqırmızı kəsilmişdi. Qara kirpikləri yuvasına sığınmış qərib quş qanadını andırırdı. İkinci namezi rədd etdi: – Başım dönür, – dedi, – onsuz da məstəm. Baxdım, ciddən məst idi – yanaqları atəş saçır, gözləri xumarlanırdı. Piyaləni qaldırdım, yavaş səslə – Sənin şərəfinə, – dedim, – xoşbəxt olaq, qəbilə sığırları kök, itləri iti dişli olsun! – Olsun, – deyə gülümsündü. İçdim, piyaləni sındırıb ayaqlarının altına atdım: “Sənə vəfasızlıq etsəm bu piyalə kimi parçalanım” demək idi. Hərəkətimdən çox məmnun oldu. Bir az sükutdan sonra: – Qəbiləmiz xoşuna gəldimi? – deyə sordu. – Gözəldir! Adətləriniz daha çox xoşuma gəldi. – Sizdə belə adətlər yoxmu? – Var. Təbii, sizinkilərə bənzəməyənləri də var. – Birini anlat. – Hansını söyləyim? – deyə fikrə getdim. Sonra yadıma düşdü: – Biz özümüzə “Qoç” qəbiləsində naçarlı arayan kimi “Quzğun” qəbiləsi gəncləri də bizə gələrlər... Bizdə Qızlar bulağı yoxdur. Qızlar oğlanlarla bir düzdə görüşür, güləşirlər. Hansı oğlan hansı qızı yıxarsa, sağ əlini başına çəkər: “Həyatının sonuna qədər mənə tabesən” – deməkdir. Qız yerdən qalxar və oğlanın sağ qolundan öpər – “Qüvvətini təqdir edirəm” – deməkdir. Sonra qız oğlana yeddi tapmaca söylər və tapmasını tələb edər. Oğlan tapmacaları şərh etmədə acizlik göstərməsə, qız sağ əlini oğlanın sağ əlinin üstünə qoyar: – Sənə bağlanmaq istərəm – deyər. – Sənə bağlanıram, – deyə cavab verilərsə, şura rəisi onların əllərini göy otla bağlar. – Naçar verilməzmi? – Yox. – Bəs naçarlıya nə deyirlər? – Otlu. 12 Yemək əsnasında Şibra xatın kefsiz kimi görünürdü. Nimradla arabir yavaşdan danışır və gözlərini bir nöqtəyə dikərək fikrə dalırdı. Yeməkdən qalxdıqda Milnir və Ahənəsb də Şibra xatına yanaşdı. Söhbət münaqişə şəklinə girdi. Sonra Kəbusey məsələni bizə anlatdı: – Qəbilədə indiyə qədər görünməmiş bir iş baş vermiş, – dedi. – Nahura adlı bir qız qəbilə gənclərindən Murdadı sevdiyi üçün Qızlar bulağına gəlməmiş. Oğlandan sual olunduqda Nahuranı naçarlı intixab etdiyini söyləmiş. Qəbilə içərisində gənclərin bir-birilə evlənməsi adət olmadığı üçün Şibra xatın ağır bir vəziyyətdə qalmış. Bu vəqə hər adamda başqa bir mühakimə doğurdu. Ceyniz: – Qarşılıqlı arzu hər bir şeyin əsasıdır, – deyirdi. – İki könül birbirini seçmişsə, qəbilənin bütün adət və ənənələri o könüllərə təslim olmalıdır. Müəllimlər bu hərəkəti əxlaq üçün zərərli hesab edirdilər. Şair Milnir tərəddüd içində idi, fikrini aydın söyləyə bilmirdi: – Qarşılıqlı eşq totem qədər müqəddəsdir, – deyirdi. İlyus: – Şair, eşq nədir? – deyə istehzalı təbəssümlə sordu. – Eşq həzrət qoçun buynuzundan doğan bir nurdur. Eşq – varlıq çeşməsinin müsəlsəl axını, eşq – əbədiyyətin təməl daşı... – Yetər, şair, mübaliğəyə varma! Eşq – iki ac şəhvətin bir-birinə qovuşmaq iştahasıdır!.. Şibra xatın çıxışı ilə mühakimə və mülahizələrə xitam verdi: – Qəbilədaşlar! – dedi. – Hər halda qoç ənənəsi pozulmuş. Məsələnin həlli ümumi şuraya bağlıdır. Sabah şura çağırılsın da, müzakirə etsin. 13 Qəbilə gəncləri qəbilədaş sayıldıqlarından bir-birilə evlənə bilməzlər. Bu ənənə əskidən o qədər qüvvətli imiş ki, əksinə hərəkət edəni daşla öldürərlərmiş. Getgedə bu cürm şiddətini qaib etmiş, ətraf qəbilələrdə belə bir ittifaq düşərsə, cürm işləyənləri qəbilədən kənara atarlar. Qəbilələrdən sürgün olanlar “Yel” adlı bir ulus təşkil etmişlər. Bu ulus tamamilə yeni bir qayda və qanuna tabe imiş. Ümum şuranın açılmasını gözləyən xalq arasında bir çox mülahizələr yürüdüldüyünü eşitdim. Xalqda bir həyəcan vardı. Murdadla Nahuranı parça-parça etmək istəyənlər də çox idi. Nəhayət, Şibra xatın yüksək bir daş üzərində göründü. Rəngi qaçmışdı. Dəruni iztirabını zorla gizləyə bilirdi. – Qəbilədaşlar! – deyə sözə başladıqda səsi titrədi. Məsələni xalqa anlatdı və cürmə qarşı nə kimi cəzanın veriləcəyini soruşdu. – Parçalansın! – Sürülsün! – Bağışlansın! – deyə müxtəlif rəylər eşidildi. Ceyniz Şibra xatının müsaidəsi ilə sözə başladı. – Qəbilədaşlar! – dedi. – Bir müsafir sifəti ilə burada danışmağı özümə borc bilirəm. Əvvələn, vaqe olmuş bir hərəkətə qarşı doğru bir mühakimə yürütmək üçün qanları coşdurmamalıdır. İkinci, cürmün doğrudan da cürm olduğunu isbat etmək üçün məsələni bir neçə həkəmə həvalə etmək lazımdır. Murdadla Nahura da çağırılsın, hərəkətlərinin səbəbləri öyrənilsin. Ceynizin fikrini rədd edənlər tapıldısa da əksəriyyət bu təklifi təsvib etdi. Şibra xatının rəyasəti ilə beş kişilik bir heyət seçildi. İşə başladılar. Ceyniz də bu cümlədən idi. Xalq Murdadla Nahuranın məhkəmə qarşısına çıxmasını sakitliklə qarşıladı. Şibra xatının uzun bir nitqindən sonra Murdada söz verildi: – Qəbilədaşlar! – Xalq dərin bir sükuta qərq oldu. – Yaradılış hissdən nəşət edər. Hiss heç bir ağıl və məntiqə tabe olmadan dünyanın davamına səbəb olmuş və olur. Nahura ilə mənim qarşılıqlı hissimiz də əzəliyyətdən doğan və əbədiyyətdə qurtarmayan böyük bir amilin kiçik bir zərrəsidir. Bu zərrəni söndürmək istəyirsiniz? – Qabil deyil, çünki zərrə bizə deyil, biz zərrəyə tabeyik. Əzəldən belə qərarlanmış. Murdadın mülahizələri bir çoxlarını qane etmədi. İlyus ağzını əydi və yanındakı Nimrada: – Bu nə səfsətə? – dedi. – Yaradılışın əzəmətli bir ağıldan doğduğuna şübhə etmək olurmu? Nimrad: – Olur, – deyə gülümsədi. – Olamaz ki! Hiss məntiqin xarici deməkdir. halbuki kainat məntiqə tabedir. Hər axşam göydə eyni intizamla hərəkət edən səyyarələr bunu isbat etməzmi? – Danışılmasın! – deyə Şibra xatının səsi eşidildi. Nahura: – Murdadın dediklərinə tamamilə şərikəm, – deyə qəti cavab verdi. Həkəmlər məsələni öz aralarında müzakirə edib, hərəkətlərinin əxlaqa müğayir olduğundan dolayı qəbilədən sürülmələrini qət etdilər. Qərarın ağır olmamasından sevinən gənclik mələşdi, xalqın yaşlı hissəsi isə söylənə-söylənə şuranı tərk etdi. 14 Murdadla Nahura sabah günəşi doğmadan qəbiləni tərk etdi. Bir çox gənc onları hörmətlə yola saldı. Xalqın əksəriyyəti arxalarınca qara daş və odlu kösöv atırdı. Həyəcan bir həftə davam etdi və yalnız bir həftədən sonra şəhadət rəsmi icra oluna bildi. Bir gün bizi qəbilə kənarındakı böyük qoç heykəlinin ətrafına topladılar. Qoçu güllərlə bəzəmişdilər. Naçarlılarımızla bərabər sıraya düzüldük. Şibra xatın “Qoç” nümayəndəsi sifəti ilə şəhadətləri qəbul və təsdiq edirdi. Bir neçə gəncdən sonra növbə bizə çatdı. Başımıza çələng qoydular. Əl-ələ verib, qoç qarşısında dizi üstə çökdürdülər. Bu vəziyyətdə üç addım irəlilədik. Ayağa qalxaraq qoça baş əydik. Sonra şəhadət başlandı: – Həzrət qoç! – deyə Şibra başladı, biz də təkrar etdik. – Nurların nuru, pakların pakı! Axar sular yardımı, köklü ağac qüvvəti, yaşıl otlar ümidi! Biz də gəldik, səni deyə gəldik! Sevdik, sevildik; günəş kimi parladıq sular kimi çağladıq. Təsvib et, yardıma yet! Nelli, nelli, nilelli” Nelli, nilel, nilelli Şelli, şilel, şilelli... Xalq bir ağızla: Naz-naz-naz, Tapılı-tapıl-taz... – deyə əllərindəki daşları bir-birinə vurdu. Şibra xatın kökslərimizə çiçəklər taxaraq alnımızdan öpdü və şəhadət rəsminin bitdiyini söylədi. 15 Gəncləri bir evə apardılar. Ər-arvada ayrıca otaq təxsis edilmiş, hər bir müxəlləfatla təchiz olunmuşdu. Bir həftə burada yedik, içdik, yatdıq. Sonra Şura rəisi yanına çağıraraq qəbilədaşlıq sifətilə bizə vəzifələr verdi. Ərli-arvadlı hərəmiz bir işə göndərildik. Bütün günü işləyib yalnız yemək zamanı, ümumi təamxanada görüşərdik. “Xoruz” qəbiləsindən gələnlər “Qoç” qəbiləsi gənclərilə çox yaxın dost olmuşdular. Tühaf burasıdır ki, Ceyniz ikisinin də arasında böyük nüfuza malik idi. Onun mülahizələri artıq mənə belə yabançı deyildi. Ceyniz nə deyirdi? Ceyniz şəxsiyyətin azadlığı fikrini daşıyırdı: “İnsana əsarət zənciri kəsilən adət və ayinləri, axmaq ənənələri tərk etməli. Sağlam ağıla mütabiq bir həyat sürməli”, – deyirdi. Ceynizin məntiqi və iman atəşi ilə dolu sözləri bizi anlaşılmaz iplərlə ona bağlamışdı. Bir gün bir hadisə oldu. Ceynizin qəbilə ənənəsinə böyük bir təhlükə təşkil etdiyi meydana çıxdı. “Qoç” qəbiləsində ölüləri basdırmazlar, götürüb bir düzdə tərk edər, qurudarlar. Quş və heyvanlardan mühafizə etmək üçün gənclər növbə ilə meyitin yanında keşik çəkərlər. Meyitin fəna qoxusu, yırtıcıların hücumu gənclik üçün böyük bir fəlakətdir. Bir həftə əvvəl qəbilədə bir qarı ölmüşdü. Düzə apardıq. Keşik çəkmək on nəfər gəncə həvalə olundu. Ceyniz də o cümlədən idi. Ceynizin təhriki sayəsində gənclər keşikdən boyun qaçırdılar. Qəbilədə tüğyan baş verdi. Hər kəs yay-oxunu götürüb evləri tərk etdi. Gənclərə hücum yapılacaqmış. Biz də silahlandıq. Lakin tüğyan İlyus tərəfindən təskin edildi. Məsələnin həlli qəbilə şurasına həvalə olundu. Şura toplanmadan əvvəl Ceyniz gizli bir gənclər şurası çağırdı. Qəbilənin lüzumsuz adətləri incədən-incəyə təhlil və tənqid olunaraq, bir səslə adətlərin məhvinə qərar verildi. Qərardan sonra: – İcrası qabilmidir? – deyə bir sual verdim. Coşqun qanlara soyuq su tökülən kimi oldu. Hər kəs fikrə daldı. Gənclərdən biri: – Arkadaşlar, – dedi, bizim mənəvi qüvvətimizdən onların maddi qüvvələri daha çoxdur. Qovğada məğlub olarıq, fikrimiz də qanlara qərq edilər. – Köçəlim! Köçəlim! – deyə hər tərəfdən səslər eşidildi. Ceyniz də razı oldu. O gecə “Yel” ulusuna köçməyi qərarlaşdırdıq. 16 Axşama doğru Nuşa ilə evə dönərkən ikimiz də sükut içində idik. Arabir Nuşa məndən söz gözləyirmiş kimi üzümə diqqətlə baxır, düşünürdü. Bir söz söyləməyəcəyimi duyaraq yavaş səslə: – Çopo, – dedi, – bu axşam ciddənmi köçürük? – Təbii deyilmi? Nuşa bir söz deməyə cəsarət etmədi. Yanaqları qızardı, yaşlı gözlərini yerə dikdi. Evə yetişdik. Nuşa özünü yatağa atdı. – Nə olmuş? – dedim. Dinmədi. – Bəlkə, sən getmək istəmirsən? Başını qaldırıb, yaşılı gözlərini heyrətlə gözlərimə dikdi. – Gəncliyin qərarı bu. Gərək gedək, – dedim. – Bəs anam? – Mənim anam nə oldu, o da elə. – Sənin anan adətə görə... – Sənin anan da adəti öldürmək yolunda fəda olunur. Nuşa yenə ağladı. – Ağlamağa lüzum yoxdur. Fəna bir adət hər kəsi yuvasından məhrum edirdi. Bu bir daha olmasın deyə köçürük... Sənin ana ayrılığı yolunda tökdüyün göz yaşları irəliki nəsillərin səadət çiçəyini suvaracaq. – Çopo, anamı görüm də sonra qaçaq. – Gedərsən, sirrimiz açılar, bizə hücum edərlər. Nuşa israr etmək istədi. Mən qəti səslə: – Ya ana eşqi, ya yoldaş eşqi! Ikisindən biri olmalı. Nuşa susdu. Bu əsnada qapı yavaşca tıqqıldadı. Açdım. Ceyniz idi. – Hər kəs hazır, – dedi. – Gecə qəbilə yuxuya dalarkən yola düşəcəyik. – Gözəl! – dedim. Getdi. Səfərdən əvvəl Nuşa evdən çıxdı, bir daha geri qayıtmadı. Aradım, tapa bilmədim. Ana məhəbbətini yoldaş məhəbbətinə tərcih etdiyi meydana çıxdı. Əvvəlcə bu vəqədən mütəəssir, çox mütəəssir oldum; sonra ümumi səadəti şəxsi səadətdən üstün görərək təsəlli buldum. Gecə yarısı əlli beş nəfər yola çıxdıq. Nuşa aramızda yox idi. 17 “Yel” meşəli dağlar arasında çayın kənarında salınmış bir ulusdur. Ağ evləri yeni olan kimi, sakinləri də gənclərdir. Qırx yaşından yuxarı adam yoxdur. Zatən buradakılar ətraf qəbilələrin mühafizəkar adətlərindən qaçmış gənclərdən ibarətdirlər. Yellilər bizim köçməmizdən son dərəcə məmnun oldular. Hər bir ailə birər müsafir qəbul edərək bizləri yerləşdirdi. Ulusu gəzdik, çox xoşladıq. Təsərrüfatları yeni idisə də, müntəzəm idi. Otlaqda gözəl ilxıları, ayrıca bir həyətdə ev quşları vardı. Tarla və bostanları hamımızı ödəyəcək qədər zəngin idi. Burada da xüsusi mülkiyyət yox idi. Əmək iqtidarı olanların çalışması məcburi idi. Ulus şurasının əmri hər kəs üçün məcburi idi və əməklə, əmək məhsulunun paylanması da ona həvalə olunmuşdu. Şura rəisi bizə izahat verdi: – Arkadaşlar, – dedi, – bizdə heç bir adət yoxdur: Hər kəs nərədən və nə zaman kimlə istərsə evlənə bilər. Ulus şurası yalnız həyata faydalı şeylərlə məşğul olur. Hər kəsə istirahətli bir həyat təmin eləmək, ən böyük məfkurə hesab edilir. İnsanın yalnız həyatı lüzumlu olduğu üçün meyiti yandırılır və ondan etibarən adı belə çəkilmir. Ulusa yenilik gətirmək üçün ildə bir neçə adam səyahətə çıxır və bir müddət gəzdikdən sonra geri dönür. Başqa xalqların həyatında gözəl işlər varsa haman biz də tətbiq edərik. Baxın, uzaq ölkələrin birindən palaz toxumaq öyrənmişlər. Biz də toxuyuruq. Dəmirçimiz arabalarımızın şəklin dəyişdirmişdir... Yurduna böyük bir eşq bəsləyən rəisin sözləri bizə gözəl təsir bağışladı və o gündən etibarən ulusa ürəkdən bağlandıq. İki gündən sonra bizim üçün tikiləcək evlərin yerlərini təyin etdik və bütün ulus işə başladı. 18 Dəstəmizin rəhbəri Mimrə adlı bir qız idi. Mimrə “Meymun” qəbiləsində bir usta yanında üç il bənna şagirdi olmuş. Bununla bərabər çalışan oğlanlar usta ünvanı almışlar da, nədənsə ona bu adı verməmişlər. Mimrə “Meymun” qəbiləsində ustalığa çatmayacağını duyaraq bir gecə ailəsindən xəlvət “Yel”ə qaçır. Burada şura rəisinə müraciət edərək sənəti sahəsində bir iş istəyir. Rəis nümunə üçün bir ev yapmasını ona tapşırmış və bizi də yardımçı göndərmişdi. Təqribən on səkkiz-on doqquz yaşlarında olan bu qız son dərəcə ciddi və bəlkə bir az da sərt təbiətli idi. İlk gündən bizi ikiyə ayırdı. Bir neçə nəfəri dağa daş qırmağa göndərdi, o birilərini bünövrə qazmağa təyin etdi. Bünövrə qazmadan əvvəl yeri ölçdü, cızıqları çəkdi və nərədənnərəyə qədər qazacağımızı göstərdi. Biz də xəndək qazarkən Mimrə palçıq yoğururdu. Günəş qübbənin ortasına gələr-gəlməz, bir şərqi səsi eşidildi. Haman hər kəs işi tərk edərək ümumi yeməkxanaya getdi. Mimrə işdən aralanmadı. Palçıqdan bir şey qayırmaqda idi. İki hordan2sonra geri döndük. Mimrə böyük bir daşın üzərində yapdığı ikiotaqlı bir evi tamamlayırdı. – Bu nədir? – deyə sordum. – Yapacağımız evin çeşnisidir, – dedi. – Hər otağın boyu on addım və eni yeddi addım olacaq Əməkdaşlar maraqlandı və Mimrəyə müxtəlif suallar verməyə başladılar. İşi hələ başlamamaq məqsədi ilə biri söhbəti uzatmaq istədi. Mimrə hiddətlə: – İş zamanı söhbət olmaz! – dedi və onun sözlərini kəsdi. Mimrənin sözləri haman bizi xəndəyə sövq etdi. Işə başladıq. Lakin yeməkdən sonra çalışmağa çox da həvəsimiz yox idi. Hamımızda bir süstlük vardı. Bir də Mimrə başımızın üstünü kəsdi. Palçıqlı əllərini belinə qoyub tamaşa edər-etməz sanki bizə qüvvət gəldi, əmək şərqimiz haman dilimizin ucundan töküldü. Hay, hay, Huy, huy, Hay, hay, Huy, huy!.. Günəş yatağına enməmişdi ki, xəndəyi qurtardıq. Mimrə gəlib baxdı, xoşuna gəldi. Ağacı götürüb yenə yeni cizgilər çəkdi və o biri gün görəcəyimiz işləri təyin etdi. 19 Evi tikib qurtardıq, şura rəisi bir neçə şura üzvləri ilə bərabər gəlib evə baxdı, bəyəndilər. Evin cəbhəsindəki qabarma şəkillər və nəqşlər hər kəsin nəzərini özünə cəlb etdi. Rəis Mimrədən razılıq etdi və dedi: – Sənətinə əbədiyyət qazandırmaq üçün yanına bir neçə çocuq göndərəcəyəm. Onları öyrət. Mimrənin sərt üzü parladı: – Yaxşı, göndər, – dedi və simasını yenidən ciddiləşdirərək. – Ancaq tənbəl olmasınlar, – deyə əlavə etdi. – Tənbəl deyillər. – Yaxşı, gəlsinlər. Evə baxdıqdan sonra Mimrə daşın üzərindəki çeşnini göstərdi. Rəis diqqətlə baxdı, düşündü; sonra üzvlərdən birinə müraciət edərək dedi: – “Yel” get-gedə böyüyür. Bizə böyük bir yemək evi lazımdır. Bunun çeşnisini Mimrəyə tapşırmalı. Üzvlər rəisin fikrinə şərik oldular. Öz aralarında bir az danışdılar, sonra Mimrəyə tərəf yönələrək: – Ulusa bir yemək evi lazımdır. Onun çeşnisini yap, – dedilər. – Neçə adamlıq olsun? Rəis hesabladı, sonra üzvlərlə məsləhətləşib dedi: – İki yüz adamlıq olsun. Mimrə çox düşünmədən: – Belə bir bina üçün ulusun içində əlverişli bir yer görmürəm, – dedi və əli ilə ulusun üst tərəfini göstərərək: – oralar dağlıqdır. Ulusun yuxarıya doğru genişlənməsinə imkan yoxdur. Ulusun gələcək mərkəzi çayın yuxarısında olmalıdır. Ulus vəkilləri Mimrənin sözlərinə əhəmiyyət verərək çay yuxarı getdilər. Çayın dönəcəyində geniş bir düz var idi. Mimrə onu göstərərək: – İştə, yemək evi bunun mərkəzində salınmalı. Şübhəsiz ki, buralar bir zaman evlərlə dolu olacaq, mərkəz təşkil edən yemək evi ətraf evlərdəkilər üçün bir qolaylıq olar. Rəis Mimrənin mülahizələrini məmnuniyyətlə dinlədi: – Şəxsən sənin fikrinə tamamilə şərikəm, – dedi. – Məsələni ulus şurasında müzakirəyə qoyaram, bir heyət gələr də bu yerə baxar, sonra qəti bir qərar çıxararıq. 20 Bir gün daş qırmaqdan dönərkən gözlərim yeni evlərdən birisinin həyətində işləyən Mimrəyə çarpdı. Böyük bir çeşni yapırdı. İçəri girdim. Salamlaşdıq. – Bu nədir? – deyə sordum. – Şuramızın təsvib etdiyi məhəllənin çeşnisidir. Çayın yuxarısında sizə göstərdiyim yerdə belə bir məhəllə salınacaq – dedi. – Bu ortadakı yeməkxana; ətrafdakılar da cürbəcür evlərdir. Bu çocuq yurdu, o xəstəxana, o əlillər evi, bu məktəb... Çeşni son dərəcə gözəl idi. Bu tikililər başa gəlsəydi, “Yel” qəbilələr arasında yüksək bir mövqe tutacaq idi. Məmnuniyyətimdən Mimrənin çamurlu əllərini götürüb, yanaqlarıma sürtdüm. Üzünə qan səpildi, gülümsədi. Mənim bu hərəkətim oradakı şagirdlərin nəzərini cəlb etdi. Bunu görən kimi Mimrənin üzünə bir sərtlik gəldi, haman şagirdlər başlarını aşağı salaraq işlərinə davam etdilər. Ruhumda dərin bir həzz daşıyaraq Mimrədən ayrıldım. Yolda Ceynizə rast gəldim. Bağçada çalışırdı. Mimrədən bəhs etdim. – Bu qız ulusda birinci adam olacaq, – dedi. – “Meymun” necə bunun qədrini bilməmiş? – deyə heyrət etdim. – Mühafizəkarlıq “Meymun”u çürütmüş, yalnız “Meymun” deyil, bir çox qəbilələr adətlər bataqlığında çürüyür. – Yeni məhəllə salınması təsvib olunmuş, deyirlər. – Elədir. Ulusun böyüyəcəyi mühəqqəqdir. Onun üçün yeni evlər hazırlamaq icab edir. – Tikilişin ümumi idarəsi kimə həvalə olunur? – Mimrəyə. Şura Mimrəyə “baş usta” ünvanı verəcək və bu münasibətlə böyük bir ziyafət olacaq. – Çox gözəl, çox gözəl! Bütün sənətkarlar təşviq olunmalıdır. – Çopo, sonra bir təşəbbüsüm də var, yəqin bunu da təsvib edəcəksən. Bu yaxınlarda şuranın iclası olacaq. Bütün qəbilələrdəki qüvvətli adamların “Yel”ə yığılması məsələsini müzakirəyə qoyacağam. O cümlədən Kavus və İlyusun da ulusa cəlb olunmasını tələb edəcəyəm. – Fikirlərini alqışlayıram, – dedim. Ceyniz gülə-gülə: – Səndən də istifadə olunacaq, – dedi. – Mən təbiətən mütəvazi adamam, çox yüksək xidmətlərdən xoşlanmam. – Bizdə yüksək və yüksək olmayan adam yoxdur. İşin hər bir şəkli təqdir olunur, yalnız... mühafizəkarlığa qarşı oxlar yağdırırıq. Ceyniz sözlərini qurtarmadan qəhqəhə çəkib güldü. Gülüşündə mənim keçmiş ənənəpərəstliyimə qarşı bir tənə duydum: – Bütün keçmişimi “Qoç”da gömdüm gəldim, – dedim. Sözlərim Ceynizin xoşuna getdi. – “Yel” ruhların xarab havasını təmizləyir. Burada bütün ruhlar büllur kimi təmizdir. Buranı qüvvətləndirib, o biri qəbilələri də duruldacağıq. Zatən bu yazdan başlayaraq hər qəbilədən ildə iyirmi-otuz nəfər mühafizəkarlıq düşməni gətirib, ulus idarəsi ilə aşna edəcəyik. – Belə olursa qəbilələrin yeniləşməsinə heç bir maneə ola bilməz. 21 Qışı yeni evlərimizdə keçirdik. Ulus adətincə, günəşlə yatır, günəşlə qalxırdıq. Evimizin ziynət və müxəlləfatını tamamlayırdıq. Xalılar toxuduq, yataq yapdıq, palçıqdan qablar qayırıb kürələrdə bişirdik. Tam bir istirahət edərək bahara çıxdıq. Yazın ilk ayında ulus şurasının qərarına görə səfərə çıxmam icab etdi. İki aya qədər şimal tərəfdəki ölkələri gəzib dönməli idim. Umuzumdakı torbaya bir günlük azuqə qoydum, əlimə bir uzun əsa alıb, yola düşdüm. Ikinci axşam bir suyun kənarında qurulmuş çadırlara rast gəldim. Ətraf təpələrdə ilxı otlayır, xalq çadırların qarşısında çalıb oynayırdı. Yaxınlaşdıqda itlər hər tərəfdən üzərimə hücum etdi. Uzun geyimli və saçlarının uclarından gümüş parçaları sallanan qızlar yüyürüşərək itləri qovdular. İrəliləyib, ocağın üzərində asılan qazanın bir yanında oturdum. Qonaq olduğumu duyaraq, su gətirib ayaqlarımı yudular, yemək verdilər, sonra ağacın altında yatdım. Sabah erkən çadırlar yığıldı, ilxı toplanıb yükləndi, yola düşdülər. Torbama bir az qurutla qovrulmuş düyü qoymuşdular. Yeyərək mən də öz yoluma davam etmək istədikdə gözlərimə ağacın altında oturmuş bir qoca sataşdı. Yanaşdım. Uzun ağ qaşlarının altında işıldayan xırda, yaşlı gözlər məni heyrətlə süzdü. Yanında bir neçə davar var idi. Beş addım o yanda tükünü tüləmiş qoca və çəlimsiz bir köpək yatmışdı. Qoca zorla nəfəs alırdı. Öz-özümə “burada bir sirr var” deyə qocaya salam verib qarşısında durdum. Qansız dodaqları tərpəndisə də səs gəlmədi. – Köç getdi, sən niyə burada qaldın? – deyə sordum. – Köç qocaları tərk edər. Bu qədim bir adətdir. Bu köpəklə mən artıq işə yararsız olduğumuzdan bizi buraya atdılar. – Övladların yoxdurmu? – Var. Zatən onlar tərk etdi. Bu sözləri zorla dodaqlarından uçuran qoca gözlərini yumub, başını ağaca söykədi. Üzünün qurumuş cizgilərində dərin bir faciə təcəssüm etdi. “Mən də qırx il əvvəl atamı bu ağacın altında qoyub keçmişdim” – cümləsi dodaqlarının son ifadəsi idi. Başı yan tərəfə əyildi və bədənini də özü ilə çəkdi: son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü. 22 Yoluma davam etdim. Günəş göyün tam ortasında ikən üfüqdən toz qopması gözlərimə çarpdı. Bir çox qaraltıların yürüməsi ordunu xatırladırdı. Həyəcan məni bürüdü. Özüməmi, ya azad ulusumamı qarşı təsəvvür olunan təhlükə məni sarsıtdı. hər halda zəiflik göstərmək istəmədim. Yolumun davamında israr etdim. Bir də nə gördüm!.. Günəşdən qaralmış, saç-saqqalları pəjmürdə, cır-cındır içində bir İnsan sürüsü. Bunların yeganə silahı əllərindəki əsadan ibarət idi; yerə döyərək yavaş-yavaş yürüyürdülər. Arıq vücudları təəssüf doğururdu. Məni görməyən kimi üzərimə gəlirdilər... Hamısının kor olduğunu dəhşətlə duydum. Yoldan kənara çəkildim. Sel kimi arxası kəsilmədən axıb gələn bu zavallı İnsanlara tamaşa etməyə başladım. Önlərinə gələn xırda bir çayı sezərək çəyirtkə kimi kənarına sərildilər. Kimi su içir, kimi əl-üzünü yuyur, kimi də ayaqlarını suya salaraq uzun yolların yorğunluğundan qurtulmaq istəyirdi. Yaxın gəldim. Birisini danışdırdım. Ot qoparıb yediyindən ac olduğu görünürdü. Ona bir az qovrulmuş düyü verdim. Məmnuniyyətdən əllərimi arayaraq öpmək istədi, qoymadım. – Nərədən gəlirsiniz? Niyə hamınız korsunuz? – deyə iztirabla sordum. Kor mənə ağıla sığmayan şeylər anlatdı: – Biz, – dedi, – iskitlərin əsirləriyik. Müharibədə ələ keçirdikləri kişiləri kor edər və qadınları hərəmə alarlar. İllərdən bəri vəzifəmiz inəklərə baxmaq, onları sağıb iskit ailəsini bəsləməkdən ibarətdir. İskitlər hücum edəcəkləri xalqlar arasına çaxnaşıq salmaq üçün hücumdan əvvəl oraya korları göndərərlər. Səfərimizin məqsədi faciəmizlə başqalarını aşılamaqdır... Biz gedirik, arxamızca da iskitlər gəlir. Göyün ulduzunun sayı var, onların sayı yoxdur... Susdum... Korun məqsədi artıq məni aşılamışdı. Ulusumun müqəddəratı mənə olduqca qorxulu bir vəziyyətdə görünürdü. Haman durdum; geri döndüm. İki gün sonra ulusun küçələrində carçı qoşaraq dəhşətli səslə bağırırdı: Hey, ulusdaşlar! Gəlin! Gəlin! Təhlükə var: Göyün ulduzunun sayı var, İskitlərin sayı yoxdur. Gəlin! Gəlin! Təhlükə var! Qız, gəlin, ahıl-cahıl – hamısı axın-axın gəldi, toplandı. Hər kəs həyəcan içində, mən də həyəcan içində, çıxdım, anlatdım: – Silaha sarılın, silaha! Yardıma çağırın, yardıma!.. O gün on üç ətraf qəbilənin küçələrində carçılar qoşaraq: Gəlin! Gəlin! Təhlükə var! Göyün ulduzunun sayı var, İskitlərin sayı yoxdur. Gəlin, gəlin! Təhlükə var! – deyə bağırırdılar. Toplandılar. Məsləhətləşdilər. Bütün qüvvələrin bir yerə toplanmasını qərara aldılar. Bu qərarın icrası üçün fövqəladə bir heyət seçildi. Gənclər tərəfindən də Ceyniz buraya daxil edildi. 24 Günəş yatağına doğru enərkən Ceyniz yanıma gəldi. Oturduq. – Nə var, Çopo? – dedi. – Son görüşümüzdən sonra bir hadisə olmamış. – Bilirsən, məsləhətə gəldim. Korların istiqamətini dəyişmək üçün adamlar göndərildi. Onları başqa səmtə çevirəcəklər... – Bu gözəl işdir – aramıza yayılsalar ruh düşgünlüyü vücuda gələr. – Sonra... Buğatay bütün qüvvələrə sərkərdə təyin olundu. – Bu da gözəl. Buğatay cəsur, nüfuzlu və təşkilatçı adamdır... – Silah tədarükü Ahənəsbə həvalə olundu. Qəbilələrin bütün sənətkarları səfərbərlik halına gətirilir. – Ərzaq məsələsi necə? – O məsələ də müzakirə olundu. “Quzğun” qəbiləsi bir namizəd göstərdi, qəbul etdik. – Bir də hər kəsin vəzifəsi əvvəlcədən bəlli olmalı. – Şübhəsiz olacaq... İndi, Çopo, bir iş var. İskitlərin nə olduğunu öyrənməliyik. Adət və ayinlərini, müqəddəsatlarını, maddi qüvvət və qüdrətlərini bilməliyik. Düşmən ətraflı öyrənilərsə, qələbə yolları asanlaşar. Sənə təfsilatını söyləməyə lüzum yoxdur. Qəbilələrin azadlığı və mədəniyyətimizin bəqası yolunda üzərinə yeni bir vəzifə düşür. – Hazıram! – İskitlərin içinə getməlisən. – Hazıram! – Heyət sənə tam bir səlahiyyət verir. Düşmənə qarşı edəcək bütün hərəkətində sərbəstsən. Qarşımızda olan təhlükəni aradan qaldırmaq üçün nə lazım isə əsirgəməzsən... – Hazıram! – Yalnız vaxtı keçirməməli. Mümkün isə bu gün yola çıx. – Vaxtı keçirməmək üçün bir at lazım. – Təbii, on dəqiqədən sonra at burada hazır olar. – Mən də durmadan minib gedərəm. 25 Yolda bir bulaq başına endim. Bir həftəlik səfərdən sonra bir-iki gün burada dincəlmək fikrində idim. Ətrafda quş çox idi. Atı bir ağaca bağlayıb ova çıxdım. Kolların arasından qulağıma bir şaqqıltı gəldi, haman, oxu yaya basıb hazırlandım. Diqqətlə qulaq verdim. Zəki və elastik bir heyvan yürüşünə bənzəyirdi. – Aslanmı? – deyə düşündüm. Qəvi bir yırtıcı ilə qarşı-qarşıya gəlmək ehtimalı qanıma qor doldurdu. Bir dəqiqədə sanki “İnsan” deyilən bir pərdə var imiş də üzərimdən qaldırıldı, varlığım ibtidai çılpaqlıqla meydana çıxaraq qana susadı. Bir də... incə bir qadın şərqisi vəhşətə qələbə çaldı. Əlimdən oxum düşdü, yaşıllıqlar arasından orta boylu, günəşdən yanmış bir çöhrə göründü. Başındakı sərnic suya getdiyini göstərirdi. İrəlilədim. Məni görərkən qız ürkdü. Kənara sıçrayaraq bir neçə addım atdıqdan sonra durdu. “Kimdir? Haradan gəlir?” deyə işarə ilə anlatdım. Gülümsədi. Meşəlik yamacı göstərdi. – Oraya gedək! – dedi. Sözümə cavab olaraq başındakı qabı göstərdi. Fikrini anladım: bir yerdə bulağa enərək sərnici su ilə doldurduq. Ata mindim və sərnici də yəhərin qaşına qoydum; yola düşdük. Yamacın arasında böyük bir düşərgəyə rast gəldim. Atlar kişnəyir, inəklər böyürür, qoyunlar mələşirdi. Ətrafda qarınca kimi qaynaşan İnsanlar içində bir kişiyə rast gəlmədiyim üçün heyrətləndim. Bir çadıra yanaşdıqda qız sərnici istədi. Verdim. Bir neçə dəqiqədən sonra mənim buraya gəlməm böyük bir hadisə təşkil etdi: ətrafıma yüzlərcə qadın toplandı. Sərt çöhrəli, şişkin əzələli bu qadınlar dişidən daha çox erkəyə bənzəyirlərdi. Bir də izdihamın arxasından bir səs eşidildi; haman, qadınlar yana çəkildi; yaşlı və gözü kor bir qadın irəliləyib, atımın cilovundan yapışdı. Bəzi sözlər söylədi, anlamadım. Atı çəkərək apardı. 26 Qadın məni gözəl bir çadırın qarşısında tərk edib, içəri girdi. Qapıda qarovul çəkən iki qız əllərindəki nizələri yerə vuraraq bəzi sözlər dedilər. İstehza etdikləri bəlli idi. Biri dilini çıxarıb, qıpqırmızı kəsildi. Bu əsnada içəridən uca boylu çirkin bir qadın çıxdı. Bu qadını on nəfərə qədər qız təşyi edirdi. Təzimkar bir təbəssümlə mənə baxdı və çadırın qarşısındakı taxta əyləşdi. Dəvətinə hörmət edərək atdan endim və göstərdiyi yerdə oturdum. Yanındakı qadınlar sıra ilə mənə yanaşaraq bəzi sözlər söylədilər, anlamadım. Sonuncu qadının dili bizimkinə yaxın olduğundan anlaşdıq. Burası həməzənlər düşərgahı imiş. – Bunların kişiləri yoxdurmu? – deyə sual verdim. Qadın: – Yox, – dedi, – bizlər kişiləri içimizə buraxmarıq. Mən qulaqlarıma inanmayan kimi: – Ərə getmək yoxmu? – dedim. Qadın gülümsədi və bir az duruxdu. Sanki cavab verməkdən aciz idi. Nəhayət, izaha başladı: – Bizim qadınlar yalnız müharibə meydanında məğlub edildikləri kişilərlə görüşürlər. Bu görüş daimi olmaz. Müəyyən zamandan sonra kişiləri tərk edərək yenə ayrıca həyat sürərik. – Zürriyyət olmazmı? – Olur. –?!. – Heyrət etmə, qız övladları saxlayıb, oğlanları aramızdan çıxardarıq... Çirkin qadın bunların sərkərdəsi imiş. Adı Alpaqay idi. Alpaqay səfərimdən maraqlandı. – Haraya gedirsən? – dedi. – Səyyaham. Dünyanı və İnsanları görmək istəyirəm, Alpaqay başını tərpətdi: – Bilirəm, – dedi, – sənin kimi bir səyyah bir dəfə də mənə müsafir olmuşdu. Adı Anastasiz idi. Çayların başlandığı və töküldüyü yerləri öyrənər, dağları və şəhərləri xəbər alardı... Dəniz kənarında bir ölkə var imiş, orada yaşarmış. Bu söhbətdən sonra Alpaqay neçə vuruşmada olduğumu soruşdu. – Heç bir! – dedikdə, heyrət etdi. Ətrafında ayaq üstə duran qızları süzdü və sonra: – Ölümdən qorxursanmı? – deyə soruşdu və gülümsədi. – Yox, biz oturağıq. Alpaqay yenə gülümsədi: – Oturaqları çox gördüm. Bataqlığa sancılmış ox kimi bir yerdə çürüyüb qalırlar. Yatağana belə yapışsalar, öz əllərini kəsərlər. Başqa-başqa zehniyyət sahibləri olduğumuz üçün münaqişəni lüzumsuz gördüm. 27 Gecənin yarısı vücuduma toxunan soyuq əllər məni yuxudan oyatdı. Gözlərimi açar-açmaz yanımda cilvələnən bir qız gördüm. Diqqətlə süzdüm. Gündüz mənə dil göstərən qız olduğunu duydum. Ayazdan vücudu buz kəsilmişdi. Bağrıma basdıqca hərarətdən əriyən qar kimi varlığıma nüfuz edirdi... Çox çəkmədən qulağıma bir şıqqıltı gəldi. Qaranlıqdan bir işıq doğan kimi oldu. Uca boylu, dolğun vücudlu qəhrəman bir qadın yanaşaraq başımın üzərində çökdü. Əndamının rayihəsi qanımı coşdurdu. Tək olmadığımı anlar-anlamaz qarovulçunun saçından yapışdı. Qarovulçu hiddətlə sıçradı. Lakin qarşısındakı qadını tanıdıqda utandı; önündə diz çökdü. Qadın ona bir neçə sərt söz söylədi və nəhayət, bir yumruq ilişdirdi. Qarovulçu qalxdı və yaydan buraxılan ox kimi qaranlıqda qaib oldu. İki qadının qovğası erkəyə malik olmaq üçün imiş, zənn etmişdim. Halbuki uca boylu qadının da getməyə hazırlanması təsəvvürümün boşluğunu isbat edirdi. Vücudumda yandırılan alov söndürülmək istəyirdi. Qalxdım, qaranlığa qarışmaq istəyən qadını arxadan qucaqladım. İlan kimi qıvrılıb, qollarımın arasından çıxdı. Sonra dəmir pəncəsi havada oynadı və umuzuma dəyən yumruqdan yerə sərildim. Özümə gəldikdən sonra həqarətin ağırlığını duymağa başladım; həməzənlər məğlub etdikləri kişilərdən nifrət edərmişlər. Çox düşünmədən atımı yəhərləyib, yola düşdüm. 28 O biri gün rast gəldiyim korlar qafiləsindən birinin yanında qaldım. Uzun-uzadı söhbətdən sonra iskitlər haqqında bir çox məlumat topladım. Bu barədə təfsilatını sordum, Bir kor anlatdı: – Bütün ruhani ayinlər qamlar3tərəfindən yapılar. Qamların üzərində kəllə şəkilləri çəkilmiş dəfləri var. Bu dəfləri çalaraq dönərlər və cəzb olarlar. Haləticəzbdə allahlarla görüşər, ilham alarlar və aləmi-qeybin sirlərinə vaqif olarlar. Cəzbdən sonra hər kəs qama yanaşar və “haqqımda nə qədərlənmiş” – deyə soruşar. Qamın arxası kəsilmədən verdiyi cavablar kimini şad, kimini isə kədər içində buraxar. Qamın nüfuzu xaqanınkından daha böyükdür...Korun hekayəsi məni məmnun etdi. İndi qamın özünü görmək və hərəkətlərini öyrənmək başlıca məqsədlərimdən biri oldu. Atı minib, yola düşdüm. Bir neçə gündən sonra iskit nəfərlərinə rast gəlməyə başladım. Bunlar atlarını ota buraxmışdılar. Uzanmış bir nəfərə yanaşdım. Üzündə əzab nişanələri var idi. İşarə ilə sorduqda ayağını göstərdi: yarası var imiş. Haman durduğum yerdə fırlandım və sonra əllərimi göyə götürərək dua edər bir vəziyyət aldım. Baxdım, nəfərin üzündə ümid parlamağa başladı. “Dua”dan sonra nəfərin yarasını açdım qurtlamışdı. Təmizlədim, duzlu su ilə yuyub bağladım. Nəfər (rahatlanan) kimi oldu. Bir az sonra bizə bir ayrı nəfər də yanaşdı. Yaralı ona bir şeylər anlatdı. Nəfər əlini ayağıma sürtərək öpdü və təzimkar bir vəziyyət aldı. “Məqsədimə çatdım”, – deyə düşündüm. Az çəkmədən ətrafımda görünən on-on beş nəfər buraya toplandı; hamısı əllərini ayaqlarıma çəkərək öpdü. Yaralı yenə bir şeylər söylədi. Ocaq qaladılar. Bir nəfər bir neçə bağırsaq qurusu gətirdi. Bizlə atların budlarını deşərək, içlərinə qan buraxdılar və ağzını otla bağlayıb, odun üzərinə döşədilər. Bişər-bişməz bölüşdülər; biri də mənə düşdü. İskitlərin səfər yeməyi bundan ibarət imiş. 29 Üç gün bu nəfərlə qaldıq. Açıq havada yatar, qalxardıq. Bu üç gündə nəfərin yarasını müalicə etdim. Yaxşılaşdı. Nəfərlərin arasında böyük nüfuza malik oldum. Yavaş-yavaş baş düşərgənin yerini öyrəndim və oraya getməyi arzuladım. Nəfərlər məni apardılar. Yolla gedərkən atların cilovlarından asılmış quru dərilər nəzərimi cəlb etdi. Soruşdum: – Öldürdüyümüz düşmənlərin üzünün dərisidir, – deyə iftixarla söylədilər. Saydım. Yaralının yüz iyirmi bir adam öldürdüyü məlum oldu. O biriləri də öldürmüşlərdi. Onlar öldürdüklərinin qol sümüklərini də nizələrinin saplarına nəsb etmişdilər. Yarım gün atları ota buraxılmış əsgər içindən keçdik. Axırda gözlərimiz bir təpədə qurulmuş bir neçə gözəl çadıra sataşdı. – Xaqan oradadır, – deyə yaralı barmağı ilə işarə etdi. Biz də təpələrin ətəyində bir çeşmənin yanında düşüb qaldıq. Yaralı məni tərk edir, təkrar geri dönürdü və hər gəldikdə özü ilə bir neçə yeni adam gətirirdi. Bunlar ətrafıma toplanıb, mənə heyrətlə tamaşa edir, öz aralarında danışırdılar. Bunların marağını artırmaq üçün arabir göyə baxaraq “dua”lar oxuyurdum. O gün yanıma bir neçə xəstə gətirdilər. “Dua”ladım və kökslərinə bir ot yapışdırıb yola saldım. Nəfərlər otu tilsim zənn edərək ona toxunmaqdan qorxurdular. Get-gedə yanıma gələn xəstələrin sayı artdı və “tədavi”dən əvvəl “ayin” yapmağa başladım. Fırlanmam məni iskitlərə qam sifəti ilə tanıtdırdı və nüfuzum gündən-günə artdı. Bir axşam xalq arasında dolaşarkən dairə təşkil edən bir izdihama rast gəldim. Yanaşdım. Paltarı qızıl və gümüş pullarla bəzəkli bir qam dairənin ortasında fırlanmada idi. Bir neçə dəqiqədən sonra qam cəzb oldu, ağzından köpük daşlandı. Ayılar-ayılmaz hər kəs: – Qədərimdə nələr var? – deyə suallar yağdırdı. Qam cavab verərək mənə yönəldi və xitab etmək istərkən, haman, yerimdə fırlandım. O qədər sürətlə fırlandım ki, başım gicəldi, yıxıldım. Ayıldıqda gözlərim qarşımda duran qama çarpdı. Həyəcanından rəngi qaçmışdı, vücudu titrəyirdi. – Qədərimdə nə var? – deyə dili dolaşdı. – Sabah öləcəksən! – dedim, qam bayıldı. Ətrafımı xalq bürüdü: – Qədərimdə nə var? – deyə edilən suallara ağzıma gələn cavabları verdim. Xalq mənə paltar, gümüş və qızıl pullar bağışladı. Bu qam baş qam imiş. Bunun bayılması nüfuzumu aləmə yaydı. 30 Baş qamın qədəri haqqında söylədiyim peyğəmbəri sözlər doğrulaşdı. Qamın xaqan tərəfindən boğdurulduğunu eşitdim. Məni saraya çağırmaq üçün gələn təşrifat nəfəri anlatdı. – Səbəb? – deyə sordum. – On beş gün əvvəl, – dedi, – xaqanın oğlu çayda çimib xəstələnmişdi. Xəstələndikdən dolayı cənuba doğru təsəvvür olunan səfər dayandırılmışdı. Xəstəlik baş qamın ruhani ayini ilə tədavi olunar. Qam çağırıldı, sarayda qürənanın yanında fırlandı, cəzb oldu və bir həftə sonra şahzadənin şəfa bulacağını elan etdi. Dünən həftə tamam oldu, şahzadənin səhhəti yaxşılaşmaqdan daha da fənalaşdı. Sarayda bir anlaşılmazlıq yarandı. Cürbəcür şayiələr (yayıldı). “Xaqanın ikinci qadını Runca öz oğlunu vəliəhd etdirmək üçün qama bəd dualar etdirmiş” – dedilər. Nəticədə baş xatın oğlunun intiqamını almaq üçün qamın öldürülməsini tələb etmiş... Hakimiyyət ətrafında bir çox həngamələr olduğunu ilk dəfə olaraq duydum və istifadə etmək yollarını düşünərək saraya getdim. Yolda qarşıma çıxan nəfərlər ayağıma əllərini sürtərək öpürdülər. Artıq düşərgədə hər kəs məni tanıyır və “qüdsiyyətimə” inanırdı. Bu qədər tez yüksəldiyimə heyrət etdim. Təşrifatçı nəfərlə bir çadıra gəldik. Üzü çapıq bir adam məni hörmətlə qəbul etdi və baş qam təyin olunduğumu söylədi. Mənə ulduzlu bir paltar, qumrovlu bir dəf verdilər. Buradaca kiçik bir ayin yaparaq şeyləri qəbul etdim. Bir neçə qam şagirdi zurna çaldı, geyindim. Hazır olan kimi hər tərəfdən mənə təzim olundu. Çapıq adam bir sözlər söyləyərək başıma arxası at quyruqlu bir qalpaq qoydu. Zurnaçılar məni xəstənin çadırına təşyi etdilər. Altun dəstəkli, incə tikişlərlə işlənmiş qapıdan içəri girdim. Xəstə çadırın baş tərəfində hündür bir taxtda yatmışdı. Hər tərəfdə doqquz gənc qız diz çöküb, saçlarını əllərində tutmuşdu. Çadırda dərin bir sükut idi. Baş xatın xəstənin yanında idi. Məni görən kimi duakar bir sima ilə yerindən qalxdı, əlimdən öpdü. Xəstəyə yanaşdım. Böht içində idi. Əlimi alnına qoydum. Hərarəti çox idi. Geri çəkildim. Ətrafındakılar kənara durub mənə meydan verdilər. Fırlandım. Özümü qaib edincəyə qədər dəfə yumruqlar vurdum... Axırda nə olduğu xatirimdə deyil. Bir də ayıldım. Baş xatın irəlilədi. – Oğlumun qədərində nə var? – deyə həyəcanla sordu. Susdum. Gözlərimdən yaş süzüldü. Ağlayacağımı heç də təsəvvür etməzdim. Baş xatın taxtına yıxıldı. Gözləri yaşlı qızlar hər tərəfdən ona tərəf qoşdular. 31 O biri gün şahzadənin dəfn mərasimini keçirdik. Qullar iyirmi addım uzunu və iyirmi addım enliyində iki adam boyu bir yer qazdılar. Dibinə söyüd yarpaqları döşəndi. Şahzadənin çadırı bütün müxəlləfatı ilə buraya yerləşdirildi. Meyiti geyindirib, silahlarla bərabər yatağına uzatdılar, çadıra gətirdilər. Irəliki gün diz çökən on səkkiz qız Alpatay adlı çopur bir cəllad tərəfindən bir-bir boğulub öldürülmüşdü. Bunları da şahzadənin ətrafına düzdülər. Şahzadənin atı boğulub, çadırın qapısına bağlandı. Qəbir torpaqla örtülmədən əvvəl xaqan, onun hərəmi və dayə gəldi. Xaqan sadəcə geyinmişdi. Yalnız qurşağındakı dəstəsinə almaz və ləllər nəsb olunmuş altun yatağanı nəzəri cəlb edirdi. Arxasında əlləri təbərli doqquz nəfər var idi. Baş xatının balağına hər tərəfdən doqquz qız yapışmışdı. Baş xatın əllərini gözlərinin üzərinə qoyaraq hönkürürdü. Arxadan başqa xatınlar, ricallar və sərkərdələr gəlirdilər. Çadırın qapısına yanaşdıqda baş xatın dönərək Runca xatına hiddətlə: – Gəlmə, həyasız! – dedi, – mənim qanlım sənsən! Qadınlar cəsarətsiz bir halda yerlərində donub qaldılar. Baş xatının bu hərəkəti bəzi sərkərdələrin arasında xoşnudsuzluq doğurdu. Çünki Runca xatının oğlu vəliəhd olacağı üçün hər kəs istiqbalını onun hüsni-təvəccöhünü qazanmaqda görürdü. Vida mərasimi bitdikdən sonra qəbrin üzərinə ağaclar döşəndi, hər bir əsgər əlində bir az torpaq gətirib tökdü: qəbrin üzərində yüksək bir qurğan yapıldı. Qurğanın ətrafına haça ağaclar basdırıldı. Qənimət alınmış at1ardan əllisi və korlardan əlli nəfəri boğulub gətirilmişdi. Atların boyunlarını və arxalarını haçalara qoyaraq, üzərinə də əsir meyitlərini uzatdılar. Sonra qırx süvari qurğanın ətrafına dönərək, mərsiyə söylədi. 32 Üç gün sonra xaqanın hüzuruna qəbul olundum. Taxtında oturmuşdu. Ətrafında bir çox gözəl qız və oğlanlar durmuşdu. Xaqan mənə yer göstərdi, oturdum. Bir də işarə elədi; hər kəs çadırı tərk etdi. Yalnız ikimiz qaldıq. Xaqan çox dəyişilmişdi. Zəif səslə: – Yaxşımısan? – deyə sordu. – Mərrixin sayəsində. – Kədərimə dözə bilmirəm, – dedi, susdu və bir az sonra: – Kədərimi susdurmaq üçün qanlı bir səfər təsəvvüründəyəm. Qədər nə söyləyir? Düşündüm: – Qədər qaranlıqdır, – dedim. Xaqan sözlərimdən bir az hiddətləndisə də, sonra sakit olaraq maraqla: – Necə? – dedi. – Üç gündür qədərin sirlərini açmaqla məşğulam. Hələ səfərdən əvvəl bir çox bəlalar görünür. Bəzi sərkərdələrin xaqana qarşı xəyanətləri aşkar olur... Xaqan hiddətindən üç dəfə qalxıb oturdu: – Bilirəm, bilirəm, bilirəm! – deyə incə, sallaq bığını gəmirdi, – bu xəyanətlərin başı Quzataydır. – Bir deyil, bir neçəsi olmalı, – dedim. – Bilirəm. Ancaq Alpatayın qollarında qüvvət tükənincəyə qədər adam boğduracağam da, fəsadın kökünü kəsdirəcəyəm... Qədərdə daha nə var? – Xaqanın səlaməti üçün görüləcək birinci iş fəsadın qaldırılmasıdır. Hələ sonraları xəbər verməkdən acizəm. Xaqan düşündü, birdən dedi: – Get, ancaq məni tərəddüddən qurtar! – Xaqanın səlaməti üçün nə lazımsa edəcəyimə əmin ola bilərsən. Ancaq... Səfərdə fəlakət görürəm. – Get, məsələ aydın oldu. Xaqana təzim edərək çıxdım. 33 Yarım saat sonra gizli olaraq Runca xatınla görüşdüm. Gəldiyimdən çox məmnun olaraq qədərini soruşdu. Verəcəyim cavabı ətraflı düşünərək: – Sirr açılsa, qədər səndən üz döndərər, – dedim. – Sirri açsam, oğlumun qəbri qazılsın! – deyə and içdi. – Qədər sizin tərəfinizdədir. Ancaq... tədbir görülməzsə, vəliəhdin həyatı təhlükəli olacaq. Runca xatın diksindi: – Aman, yol göstər! – deyə əlini ayağıma sürtüb öpdü. – Yol hazır, bu gün Quzatayla bərabər buradan ordunu bizə sadiq olan bir hissəsinə qaçın. – Xaqanmı hiddətlənmiş? – Elə! Quzatay ordu toplasın, yoxsa... həyatınız təhlükədədir. – Bu işlər bütün baş xatının hikkəsindən irəli gəlir. Yəqin xaqanı da təhrik edən odur. – Hər halda, tələsməlisiniz. Runca xatının rəngi üzündən götürülmüşdü. Yerindən dəli kimi qalxdı, əvvəl nə edəcəyini bilmədi, sonra əlacsız bir halda üzünü mənə çevirdi. Cavab olaraq: – Quzatayı çağırtdır, – dedim. On dəqiqə keçməmiş Quzatay hazır oldu. Görüşdük. Çəlimsiz bir adam idi. Qanlı gözlərindən vəhşət yağırdı. Əynindəki paltar İnsan dərisindən yapılmışdı. Buna rəğmən qamlardan çox qorxduğunu hərəkətlərindən duydum. – Qədərlərimizin açarı səndə, – dedi və dodaqlarında hörmətkar bir təbəssüm oynadı. – Qədər sizin tərəfdədir, – dedim. Sevindi. Yolumda hər bir xidmətə hazır olduğunu bildirdi. Məsələni anlatdım. Təkidən söylədim ki, onun nicatı ordu toplayıb, xaqanın hücumundan özünü müdafiə etməsindədir. Razı oldu. – Mərrix məbədinə qan lazımdır, – dedim. – Dəqiqəni qaib etsən, məhv olacaqsan. Coşqun bir halda yerindən qalxdı. Qanlı gözləri bir az da qızarmışdı. Məndən razılıq elədilər. Çıxdım. 34 Xaqanın şiddətli əmrinə rəğmən Quzatay tapılmadı. Bir də ordunun qüvvətli bir hissəsini götürərək qarşı dağın arxasına çəkilməsi xəbəri ildırım qüvvəsi ilə yayılmağa başladı. Runca xatının oğlu ilə bərabər yox olması da min bir şayiəyə səbəb oldu. Təcili surətdə saraya çağırıldım. Xaqanın qəzəbi hədsizdi. Çadırda gəzinərək: – Qədər doğru imiş, – dedi. – Indi çarəsini göstər! Əlimi üzümə dayaq verərək fikrə daldım. Bir neçə dəqiqə cavab vermədim. Halımdan mütəəssir olaraq xaqan da sakit oldu, taxtına əyləşərək sükuti-qəlblə cavabımı gözlədi. – Hücumdan başqa çarə yoxdur, – dedim. – Bu gün qüvvət toplanmazsa sabah ətrafında baş xatınla məndən başqa kimsəni görməyəcəksən! Xaqan haman, sərkərdələri yanına çağırdı və ordunu tezliklə hazırlamalarını əmr etdi. Bir dəqiqədə carçılar ata minərək xalqın arasına yayıldı. Eyni zamanda məşvərətə oturuldu. Nəticədə sabah tezdən üç tərəfdən hücum etməyi qərarlaşdırdılar. 35 Sübh günəşinin qızartısı göyə səpilərkən Mərrix məbədinə getdim. Məbəd taxta qüllədən ibarət idi. Yuxarısında kiçik bir meydança var idi. Ətrafı süvari bürümüşdü, atların cilovlarından sallanan İnsan dərisinin sayı yox idi. Nizə və təbərlərin saplarındakı düşmən sümükləri vəhşət verirdi. Öndə duran xaqan qəzəbindən tez-tez atının cilovunu dartır və İnsan üzlərindən qoparılan minlərcə dərilər titrərkən gizli bir inilti qoparan kimi olurdu. Bir də korlardan birini bağırdaraq gətirdilər. Alpatay yaxasından yapışdı, qəməsini əsirin boğazına elə bir sürətlə soxdu ki, əli belə görünmədi. Qan fışqırdı. Xaqanın qılıncı gətirildi, əsir qanı ilə boyanıb, Mərrix qülləsi üzərindəki meydançaya qoyuldu. Mərrixin tələb etdiyi ilk qan təslim verildi. Sonra atdan endilər və qüllənin ətrafına düzülən bişmişlərdən yedilər. İçki paylandı, hər kəs düşmən kəlləsindən yapılmış qədəhləri başına çəkdi. Xaqanın qarşısındakı kəllənin ətrafına altun nəsb olunmuşdu. Bu kəllə böyük bir sərkərdə başı imiş. Xaqan kəlləni əlinə aldı, içindəki son qətrələri içdikdən sonra kəlləyə baxaraq dedi: – Artıq sənə qarşı intiqamım qalmadı. Məndə yeni bir intiqam alovlandı. Quzatayın kəlləsi dodağıma təmas etməzsə, alovum sönməz. Xaqan kəlləni qeyzlə yerə atdı. Bu halda bütün süvarilər ata sıçradı və hər kəs bir ox çıxarıb, ucunu məbədə tərəf tutdu. – Ur! – deyən xaqanın heybətli səsi havanı titrətdi. Oxlar iki bölünüb yerə atıldı. Oxları sındırmaq yəmin etmək deməkdir: hər kəs özünü xaqanın yolunda qurban edəcəyinə and içirdi. Dəfimə bir yumruq vurdum. Ətraf susdu. Bir dəqiqə gözləyərək dəfə təkrar-təkrar vurdum. – Mərrix bizimlədir! – deyə bağırdım, yerimdə fırlanıb bayıldım. 36 Özümə gəldikdə ətrafımda bir gəncdən başqa kimsəni görmədim. Sel kimi axan ordu üfüqləri tozlara qərq etmişdi. Gənc mənə yanaşdı və yavaş səslə: – Xaqanın böyük qızı Ərdica səni görmək istəyir. Getdim. Sarayın arxa tərəfindəki saklı bir tarlada buğdayı sifətli, qıyqacı gözlü, ağzıburnu xırda bir qıza rast gəldim. Başında ağ çalması, döşündə gərdənbəndi vardı. Dolğun köksü altun pullar arasından baş vermişdi. Yel vurduqca incə ipək paltarı vücuduna yapışaraq qarnının üzərindəki zərif çökək qığılcım saçırdı. Totuq yancaqları asilik əməlində çırpınırdı. Mənə yanaşmasını duydum. Nəfəsinin hərarəti üzümü qıdıqladı: – Saraya ilk dəfə gələndən bəri gecələrimin dadlı yuxusunu da özünlə apardın... Qızın səsi titrədi, susdu. Baxdım. Sallanmış iri kirpikləri yaş saçırdı. Belini qucdum. Bütün vücudu bağrıma sığındı. Qərib quşları andıran məmələri köksümdə çırpınırdı. Dodaqlarım dodaqlarını aradı və şehli nəşələrlə atəşini söndürməyə başladı. Aralandım, getmək istədim. Önümdə diz çökdü, ayaqlarımı qucaqlayıb öpdü: – Getmə! – dedi. – Vuruşma var. Xaqanın müqəddəratı həll olunan bir vaxt durmağa haqlı deyiləm. – Haqlısan! Ancaq müqəddəratı təyin edən müharibə deyil, eşqdir. Xaqan sarayını, tacı, taxtı tərk etməyə hazıram da... eşqi yox. Dərunimdə təbiət bütün çılpaqlığı ilə canlandı. Ərdicanın vücudundan nəşət edən rayihə məni kişnətdi. Bir dəqiqədə onu qucub, təbiətin köksünə atdım və əbədiyyətin səsinə qarışaraq qeyb oldum. 37 Şiddətli vuruşma davam edirdi. Quzatay ordusundan ələ keçən ilk əsiri xaqanın yanına gətirdilər. Xaqan onun köksünə bir qılınc vurdu. Fışqıran qanın altına ovcunu tutub nəşə ilə içdi. Xaqanı təqibən sərkərdələr də qandan içdilər. Sonra əsirin üzünün dərisini soyaraq xaqanın atının cilovundan asdılar. Axşama doğru oxun qurtarmasını xaqana xəbər verdilər. Hiddətləndi. Atılmış düşmən oxunun toplanıb yenidən qollanmasına əmr verildi. Bunun üçün ayrıca bir dəstə vücuda gətirildi. Eyni zamanda çevirmə hərəkəti yapılması əmr olundu. Bu əsnada arxa tərəfdən oxların yağış kimi yağmasını duyduq. Xaqan bir hücum dəstəsini də arxaya göndərdi. Ön tərəfdə hərəkət edən sərkərdələrdən ən mahiri Okabay idi. Minlərlə əsir alması və düşmənə qüvvətli zərbə vurması xəbəri xaqana bildirildi, xaqanın qorxunc siması bir az parladı. Atının boynundan bir dəstə dəri qopararaq ona hədiyyə göndərdi. Lakin arxamızdan bizə doğru irəliləyən düşmənin oxları xaqanın nəşəsini pozdu. Oxlar artıq xaqanın çadırlarını belə təhdid edirdi. Nə edəcəyini kəsdirə bilməyən xaqan bizi məşvərətə çağırdı. Hərə bir fikir söylədi, mən isə şimala çəkilməmizi tövsiyə etdim. Xaqan hər kəsi dinlədikdən sonra mənim rəyimi təsvib etdi. Çəkilmədən əvvəl xaqana: – Səninlə gizli bir söhbətim var, – dedim. Tənha bir çadıra çəkildik. – Nə var? Qədərdə bir fənalıqmı var? – deyə iztirabla soruşdu. – Yox, – deyə xaqanı sakit etdim. – Söylə, – dedi. – Axır başı, dedim, – qələbə sənin tərəfindədir. Lakin... bundan əvvəl bəzi çətinliklər görünür... Xaqan qalxıb təkrar oturdu. Sözlərimə davam etdim: – Quzatayın xəyanətini vaxtilə sənə xəbər verən kimi indi birini də xəbər verəcəyəm. – Xaqan heyrətlə üzümə baxdı. – Okabaydan da arxayın deyiləm, bunun bütün səyi sənin taxtını ələ keçirmək üçündür... Xaqan bığlarını ağzına doldurdu, qəzəblə çeynəməyə başladı. – Çarə? – Hələlik ehtiyatla davranmaqdan başqa bir çarə yoxdur; qüvvətimiz də kafi deyil, zatən ox da yoxdur. Bu işlərin içindən müvəffəqiyyətlə çıxmaq üçün yeni bir orduya ehtiyac var. – Yeni ordunu haradan ala bilərik ki?.. – Bu məsələni mənə həvalə et də, mən çarəsini arayım: – Necə arayacaqsan? – Cənubda cəngavər xalqlar var, məni göndər də, ordu toplayım. Xaqan düşündü. Şübhə edər kimi üzümə diqqətlə baxdı. Bir cavab vermədi. Sonra birdən: – Get! – dedi. 38 O gecə Okabayla görüşdüm. Qoluna dəyən bir oxdan müztərib olaraq yerə sərilmiş otun üstə uzanmışdı.. – Nə xəbər, qam? – deyə soruşdu. – Qədər tərəfindədir, – deyə onu sevindirdim. – Xaqandan yeni bir əmrmi var? – Əmr yoxdur, – dedim, susdum. Susmağım Okabayda şübhə doğurdu. Maraqla üzümə baxdı, mən yenə dinmədim və gülümsəyərək onu süzdüm. – Qam! – dedi, – mənə ölüm xəbəri gətirdin? – Yox, Okabay, ölüm hələ səndən uzaqdır. – Bəs nə var, söylə! Sənin bu gəlməndə bir sirr var. – Sirr yoxdur, qam sirr saxlamaz, bildiyini bəyan edər. – Söylə! Bir şeylər duyuram. – Sənin müvəffəqiyyətlərindən başqa bir şey yoxdur. – Müvəffəqiyyətim baqidirmi? – Baqi ola bilir. Lakin... – Söylə. –...Müvəffəqiyyətin başqalarının müvəffəqiyyətinə sədd kimi görünür. – “Başqalar” kimə deyirsən, xaqanamı? – Elə... işlər xaqanı bir az düşündürür. Ordu arasında artan nüfuzunu xaqan taxta qarşı bir təhlükə kimi tərəqqi edir... Bir çoxları indidən sənə xaqan ləqəbini belə vermiş. Okabayı bu xəbərlər oxşadı, yarasının ağrısı belə unudulan kimi oldu. Bir az düşündükdən sonra: – Başqa cəbhələrdən nələr eşidilir? Xaqanın şimala çəkilmək məcburiyyətində bulunduğunu söylədim. Okabay fikrə getdi. Sonra dedi: – Qarşımda böyük bir qüvvə görmürəm; yəqin düşmən bütün qüvvələrini o tərəfə vermiş. Hər halda sabah açılmasa vəziyyət aydınlaşmayacaq. Bu sözlərdən sonra Okabay təkrar fikrə getdi. Birdən üzündə bir ümid parladı: – Xaqanın əndişəsi nə qədər əsaslıdır? – deyə maraqla sordu. – Bütün ordunun sənə tapındığını görən adam əndişədə olmazmı? – Mənə qarşı, deməli, yaxşı fikirlər bəsləmir. – Təbii. – Nə edə bilər? – Hiylə ilə çağırtdırıb öldürər. – Onu edə bilməzsə? – Üzərinə ordu göndərər. – Mənim ordum qədər qüvvətli ordusu varmı? – Indi yoxsa da bir ay sonra olacaq. – Haradan alacaq ki?.. – Şimal xalqları arasından ordu toplamaq niyyətindədir. Son sözlərim Okabayı düşündürdü. Bir az sonra: – Sən niyə xaqanla getmədin? – deyə sordu. – Doğrusu... – düşünərək dedim, – bundan sonra qədər məni sənə bağlayır... Xaqanın ulduzu batmadadır. Okabay sevincini gizləyə bilmədi. Durdu, oturdu: – İndi nə etməliyik? – dedi. Çox fikir etmədən: – Birinci, – dedim, – sabah erkən xaqana hücum; ikinci, ordunu bir ələ alaraq Quzatayı bitirməlidir. Planım Okabaya xoş gəldi. Lakin bir az tərəddüd içində idi. Birdən: – Mən xaqana hücum edərkən arxadan Quzatay məni vurmaz ki?. – Arxa hücumundan səni təmin edərəm. – Hankı vasitə ilə? – Vasitələri qədər göstərəcək. Ancaq... Quzatay ordusuna keçməliyəm. Sözlərim Okabayı fikrə daldırdı. Məndən şübhələnən kimi oldu. – Orada nə edəcəksən ki?.. – deyə şübhə ilə üzümə baxdı.. – Quzatayı səninlə ittifaqa dəvət edəcəyəm. – Sonra? – Xaqanı məhv etdikdən sonra Quzatayı hiylə ilə öldürmək asandır. – Tətbiqi qabil isə fikrin gözəldir. – Qabildir! 39 O biri gün Quzatayın qərargahında idim. Runca xatınla görüşdüm. Quzatayın axşam qızlarla kef edərkən fücətən öldüyünü və ordunun başsız qaldığını söylədi. Runca xatın sözlərini qurtarmamış alt dodağı əsdi və kirpiklərinin dibləri islandı. Bu xəbər mənim üçün də əlverişli deyildi. Çünki sərkərdəsiz iskit qoyun sürüsü kimidir. Okabay bir gündə bunları təslim alar, qüvvətini artıra bilərdi. Halbuki bir sərkərdə olsaydı, müharibə olacaq və iki tərəf də qüvvətdən düşəcək idi. Öz-özümə bu mülahizələri yürüdərək Runca xatına: – Sənə sadiq olan sərkərdələrdən birini ordunun başına qoymalısan, – dedim. – Ümum arasında tam nüfuzlu bir adam yoxdur, – deyə cavab verdi. – Onda, vəliəhdi xaqan elan etməli. Bu fikir Runca xatının ağlına batdısa da, təsvib etməkdə tərəddüd göstərdi. Bu tərəddüd məni hiddətləndirdi: – Durmaq zamanı deyil! – dedim. – Qarşında Okabay kimi nüfuzlu bir sərkərdə var. Sabah Quzatayın ölüm xəbərini ordu bilərsə, hamısı Okabayın ətrafına toplanar. Iskitin təbiətən başıpozuqluğunu bilirsən. Bunları yalnız igid bir sərkərdə intizama sala bilər. Əgər nüfuzlu bir sərkərdə yox isə bir xaqan olmalı. Runca xatın mülahizələrimi haqlı buldu, lakin: – Bununla da məsələ həll olunmur, – dedi. – Niyə?! – Çünki oğlum gəncdir, həlim təbiətlidir, həyatında bir düşmən başı belə kəsməmiş. Belə bir adamın əsgər arasında nüfuzu olarmı? Halbuki orduda atının cilovundan yüzlərcə dəri sallananlar var. – Yaxşı, bunlardan bir sərkərdə seçmək mümkün deyilmi? – Xeyir, çünki sərkərdə seçilməz, hünərləri ilə şöhrət bularaq öz-özünə ordu başına çıxar. Quzatayın yerində oturacaq bir adamım yoxdur. Runca xatına bir çox işimə gələn təkliflər etdim; qəbulunda acizlik göstərdi. Qadının cəsarətsizliyi həyəcanıma səbəb oldu. Axırda mülahizələr yürütməkdən vaz keçərək sükuta daldım. Ağlım çıxılmaz bir nöqtəyə girdi. Uzun müddətdən sonra yeni bir fikir ona yol göstərdi. – Okabayla, – dedim, – müttəfiq olsaq və xaqana qarşı bərabərcə hərəkət etsək, necə olar? Runca xatının üzü güldü, dedi: – Mümkün olsa, gözəl olar. – Mümkündür! – dedim. – Səlahiyyət ver, görüşüm. Runca xatın razı oldu. O günü Okabayın yanına döndüm. 40 Göndərilən araba Runca xatını bütün qürənası ilə bərabər Okabayın qərargahına gətirdi. İki ordu birləşdi. Okabay yeni sərkərdələr təyin etdi. Silah hazırlığı üçün ustalar ayrıldı və onlara bir çox şagirdlər verildi. İrəlidə olacaq müharibə üçün böyük tədarüklər görülməyə başlandı. Bir gün Runca xatının oğluna qərargahda ox dəyib öldüyünü söylədilər. Vəliəhd xüsusi bir təntənə ilə dəfn olundu və doqquz bakirə qız boğulub qəbrinə qoyuldu. Bu hadisədən Okabay qəmgin olan kimi göründüsə də, saray əhli arasında cinayətin Okabay tərəfindən yapılmasını açıqdan-açığa söyləyirdilər. Məsələ məni maraqlandırdı. Bir axşam sarayın bütün sirlərinə vaqif olan hərəm ağası ilə görüşdüm. Qoca qadın simalı, zil səsli hərəm ağası mənə maraqlı sözlər söylədi: – Bir məmləkət istila olunarkən, – dedi, – əsir götürülmüş qızlar xaqan və sərkərdələr arasında bölünər. Müvəffəqiyyətli müharibələr nəticəsində Okabayın hərəmində minə qədər qız toplanmış, hər gecə bir bakirə tələb olunar, təqdim edərəm. Okabay eyni qıza ikinci dəfə rast gəlmək istəməz. Adəti belədir. Dünyaya gələn çocuqlarından maraqlanmaz və mövcudiyyətindən belə xəbəri olmur. Son zaman Okabay dəyişilən kimi olmuş. Bir həftə əvvəl bütün hərəmi gəzərək bir nəfər qız seçdi, çadırına apardı, indiyə qədər yanında saxlayır və “baş xatın” adlandırır. Övlada həvəsi olmayan Okabay “baş xatın”dan... övlad gözləyir. Okabayın bu hərəkətini xaqanlıq eşqinə düşməsi ilə mərbut görürlər... Runca xatının oğlunun ölməsi də maneədən xilas olmaq deməkdir. Hərəm ağasının sözləri məni əndişəyə saldı; xaqanın yerində Okabay kimi qüvvətli bir simanın əyləşməsi cənub mədəniyyəti üçün daha təhlükəli ola bilərdi. Quzatayın ölməsi bütün məramlarımı pozdu. Məqsədim qüvvətli sərkərdələri vuruşduraraq iskitləri qüvvədən salmaq idi. Halbuki indi qüvvət pozulmadan yenə bir ələ toplanırdı. 41 Gecə sabaha qədər yata bilməyib, daim bu məsələni fikrimdən keçirdim; həllindən aciz qaldım. Məsələni anlaşdıracaq yeganə amil hələlik xaqanla Okabayın vuruşmasından ibarət idi. Hazırlıq qurtardı. Şimala tərəf çəkilən xaqan təqib olunmağa başladı. Üç gün sonra dağ keçidlərinin birisində xaqanın əsil qüvvəsinə rast gəlindi. Böyük bir vuruşma oldu. Okabay ordusunun bir hissəsi xaqan tərəfə keçdi. Bundan dolayı qəzəbə gələn Okabay, ordusundan minlərcə adam kor edib, xaqan tərəfə göndərdi və bir axşam mükəmməl hazırlıqdan sonra özü ön tərəfdə olmaq üzrə hücuma keçdi. Sabaha qədər davam edən qanlı vuruşmadan sonra xaqan ordusuna çaxnaşıq düşdü, hərə bir tərəfə qaçmağa başladı. Sabah xaqanın öldürülməsi xəbəri orduya yayıldı və bir-iki saat sonra bütün ailəsi və hərəmi dəbdəbəli bir surətdə Okabaya təslim edildi. Xaqanın üzünün dərisi Okabayın cilovundan asıldı və kəlləsindən kasa yapılıb içində şərab içildi. Hədsiz düşmən başları əllərdə oynadı. 42 İgid sərkərdələr toya4yığılaraq Okabayı xaqan intixab etdilər. Böyük bir ziyafət verildi, sonra cıdıra çıxdılar. Üç günlük bir kefdən sonra xaqan ordu ilə məşğul olmağa başladı. Ordu öz qüvvətini qaib etmişdi. Vuruşmadan qurtaranları da ishal və qızdırma tələf etmədə idi. Bir gün xaqan məni yanına çağırdı. – Qam, – dedi, – sənin bütün təsəvvürlərin doğru oldu. Qədərin açarı səndədir. İndi gələcəyin nə halda olacağını anlat. – Şimal yolunu parlaq, cənub yolunu qaranlıq görürəm, – dedim. Okabay cavab vermədi. Sükut bir müddət davam etdi. Sonra: – Şimal – tanıdığımız şimaldır, – dedi. Okabayın cənuba səfər etmək meylində olduğu sözlərindən anlaşıldı. – Şimalda davam edən uzun qış, – dedi, – ilxımızı ac buraxır, nəfərlər də yeməyə bir şey tapmır. Cənubda isə hər şey var. – Cənub havasına alışmayan nəfərlər qızdırmadan və ishaldan ölürlər; gündə yüzə qədər adamımız dəfn olunur. Bir az da cənuba ensək, bizdən iz belə qalmaz. Xaqanın sözlərimə inandığını duyurdum. Digər tərəfdən də İnsan və heyvanların mədə ehtiyacı cənub yollarını göstərirdi. Odur ki, çox düşünməyərək: – Qış düşmədən isti yerlərə getməliyik, – dedi. Söhbətimiz bununla qurtardı, ayrıldıq. Ondan sonra uzun müddət görüşmədik – gözündən düşən kimi olmuşdum. 43 Köhnə xaqanla yenisinin hərəmləri birləşdikdən sonra hərəm ağasının işi çoxalmışdı, görüşə bilmirdik. Bir axşam yanıma gəldi; ay işığında çadırın önündə uzanmışdım. O da uzandı, nəşəsiz olduğu sezilirdi. – Nə var? – dedim. – Heç, nə olacaq!.. Dünya mənim üçün acılıqdan başqa bir şey deyil. Mən arzusu gözündə qalan bir tamaşaçı!.. Hərəm ağasının kədərli sözlərinin hankı mənbədən gəldiyini anlaya bilmədim. Sual nəzəri ilə onu süzdüm. Sanki dəruni atəşini bir az da alovlandırdım: – Qılçalardan məhrum olmuş bir adam təsəvvür et, – dedi. – Yürümək arzusu var, yürüyə bilmir. Mən də elə... Xədimləri hissdən məhrum zənn edirlər. Bilsən, ürəyimdə nə böyük eşq atəşi var... Qam, məni dilləndirmə, əzablarımın hüdudu yoxdur!.. Hərəm ağası yerində ilan kimi qıvrıldı, gözlərindən yaş axdı. – İnsan həşəratın ən zərərlisidir: ilan çalar, adam ölər qurtarar, İnsan İnsanı elə bir hala salar ki, ömrünün sonuna qədər əzab içində çırpınar. – Ağa, – dedim, – indiyə qədər səndən belə şikayətlər eşitmədim. İndi, yəqin bir səbəb var. Hərəm ağası ah çəkərək: – Qam, – dedi, – səbəbsiz deyil. Lakin... məni söylətmə, yaralarım təzələnər. – Hər yaranın bir davası var. Qamdan gizli bir şey yoxdur. Eşqin var, görürəm. Anlat. – Anlatmaqdan nə çıxar? Dərdlərim dərmansızdır... Hərəm ağası uzun-uzadı danışdı, ağladı, ancaq səbəbin kim olduğunu açıb söyləmək istəmədi. Axırda israrım sayəsində köhnə xaqanın hərəmindən gəlmiş bir gözəl haqqında bəhs etdi: – Bir gün nahardan sonra Okabay təzə hərəmi gəzməyə gəldi. Min nəfərdən artıq qızın içində nəzərini birisi cəlb etdi. Okabay dayandı və qeyri-şüuri bir halda əlini qızın çənəsinə uzatmaq istədi, qız buraxmadı. Okabay qəzəbindən qızardısa da, müqavimətdən duyduğu həzz qəzəbini eşqə çevirdi. Axşam qız tələb olundu. Çimmək üçün su və təzə paltar hazırlatdım. Qız təklifimi rədd etdi. Israr etdim, olmadı. Xaqanın təkrar tələbinə rəğmən qız getmədi. Məsələni cəlladın bıçağı həll edəcək, zənn etdim... Nəhayət, xaqanın qəzəbi mərhəmətə çevrildi və əlavə olaraq qıza bir dəstə gül və bir çox altun zinətlər göndərildi. Qız bunları da qəbul etmədi... 44 Hərəm ağası bir müddət susdu. Dilinin altına bir az nas atıb, ay və ulduzları seyr etməyə başladı. Sonra nası tüpürdü və sözlərinə davam etdi: – Otuz ilin müddətində minlərcə qızlar idarə etmişdim, beləsinə rast gəlməmişdim. O gündən bəri qızın siması məni təqib etmədədir. Haraya getsəm, qam, daim önümdədir... Bax, indi ayı seyr edərkən həp onu görürəm... Ulduzların arxasında gizlənir, arabir görsənir, təkrar gizlənir, mənimlə oynayır. Sanki mənə gülür... Nədən? – Bilməm!.. Hər sabah xidmətçi qızlarla çaya çimməyə gedər, mən də onları təşyi edərəm. Soyunar, çimər, min nazla geyinər.. Ürəyim çırpınmadan əl çəkər, nəfəsim tutular, üzərində oturduğum daş kimi, kainatın həyəcanına qarşı laqeyd bir vəziyyət alaram... Ah, qam, dillətmə, biz İnsanların ən aciziyik... – Ağa, acizlərin də yaşamaq ixtiyarı var, – dedim. – Həqiqətdə isə? – Yalnız zorlular yaşar. Bunun səbəbi də bizim özümüzük. – Biz nə edə bilərik? – Zülmə qarşı üsyan edərik! – Sənin üsyanından bəlkə bir şey çıxsın. Mənimkindən?.. – Bir şey çıxmazmı, deyirsən? – Xeyr, çünki dərdlərimin dərmanı göylərdir. Adi bir xədimin, axtalanmış bir İnsanın üsyanı həyatın gərdişini dəyişərmi? – Məsələni göylərdə aramamalı. İnsanın dərdi yerdə olan kimi, dərmanı da yerdədir. İnsanın müqəddəratı öz əlindədir. Nə cür istəsə, elə yaşar. Yalnız dərdlilər birləşməli və hər bir fədakarlığa hazır olmalı. – Qam, sözlərin çox haqlıdır. Bu fikirlər bəzən mənim də ağlıma gəlir. Özgələrin dərdini gördükdə öz dərdimi də unuduram. Nə üçün İnsanın biri dünyanın bütün nemətlərindən bol-bol istifadə etsin də, o biri hər şeydən məhrum olsun, – deyə düşünürəm... Hərəm həyatından maraqlanaraq söhbəti o tərəfə çevirmək üçün soruşdum: – Ağa, hərəmdə kədərlilər varmı? – Ah, qam, hərəm kədərin mənbəyidir. Yalnız ildə bir, iki ildə bir eşq yatağına atıla bilən gənc qızlarda kədər olmazmı?.. Mən sabaha qədər əzabımdan yatağımda qıvrılan kimi, hərəmdə də yüzlərcə qızlar sabaha qədər uyumur: talesizlik əzabında çırpınırlar. – Bu talesizliyin səbəbi kimdir? Hərəm ağası o tərəf-bu tərəfə baxaraq, sözlərini çeynədi və cavab verə bilmədi. – Bir adamdır, – dedim. Hərəm ağası başını tərpətdi. – Bəs bu müharibələrdə minlərcə adamların ölümünə səbəb kimdir? Hərəm ağası başını tərpətdi. Mən yenə davam etdim: – İshaldan və qızdırmadan tələf olunanların səbəbi kimdir? – Xaqan! – deyə hərəm ağası cürətləndi. – Deməli, ya minlərcə adamın səadəti, ya xaqan. – Məsələ yalnız xaqanda deyil ki... – Okabay olmazsa o birisi olar. – Xaqanlıqdan əl götürməli. – Sonrası? – Sonrası xalqın özü, ümumi zəhmət, ümumi məhsul. 45 Mülahizələrim hərəm ağasının qarşısında yeni üfüqlər açırdı, mənimlə tez-tez görüşür, fikirlərimlə aşna olaraq, yeni intibalarla aralanırdı. Yavaş-yavaş fikirlərimizi hərəm qadınları və qullar arasında yaymağa çalışdıq. Xaqanlıq quruluşunun daimi əzabına uğrayan bu zümrələr fikrimizə tamamilə şərik olur və çıxış yolu göstərilməsini tələb edirdilər. Qızdırma və ishaldan tələf olan orduda da fikirlərimizə böyük bir meydan açılırdı. Bu əlverişli vəziyyətdən də lazımınca istifadə etməyə başladılar. Övladları müharibələrdə qırılmış qoca bir əsgər əldə edildi. Hərəm ağası vasitəsilə bu adam hazırlandı. Fikirlərimizi tamamilə mənimsədikdən sonra orduya buraxıldı. Bütün xəstəliklərə qarşı yeganə əlac xaqan və sərkərdə qanı olduğuna dair şayiələr yaydıq. Bu şayiə avam arasında olduqca böyük təsir buraxdı. Üsyan üçün zəmin hazır idi. Fürsəti qaçırmamaq üçün bir axşam hərəm ağası ilə oturub tövcü tökməyə başladıq. Hərəm ağası: – Xaqanın öldürülməsini mən üzərimə alıram, – dedi. – Şəxsən özünmü, başqasının vasitəsiləmi? – Başqasının vasitəsilə. – O adamı görmək istərdim. Hərəm ağası bir az düşündü: – Yaxşı, – dedi, – istərsən sabah axşam buraya gəlsin. – Gecə yarısı gəlsə yaxşı olar. – Gələr. – Sərkərdələrə qarşı tədbirlərin varmı? – Var. – Nə kimi? – Qoça əsgərin adamları var. Onlar tərəfdarları ilə bərabər hücuma hazırdırlar. Yalnız vaxt təyin etməli... – Vaxt asandır. Ancaq saray müvəffəqiyyətini təmin edən bir adam olsa, başqa tərəflərdə işlər öz-özünə düzələr. – Saray tərəfdən əmin ol! Hərəm ağasının qəti sözləri məni arxayın etdisə də, müəyyən plan cızılmasını irəli sürdüm. – Nə ilə öldürüləcək? – deyə hərəm ağasına sual verdim. – Yatağanla, – dedi. – Öldürə bilməzsə... sirlərimiz açılar, biz də məhv olarıq. Hərəm ağasında bir tərəddüd göründü; şübhəmin yerli olduğunu duydu. – Elə olduqda başqa bir çarə görməli. – Başqa çarə mümkünmü? – Çarə çoxdur, ancaq biri mümkündür – zəhər. – Bu yaxşı fikirdir! – dedim. – Əvvəl xaqanın qımızına zəhər qatmalı. Zəhərin təsiri az olsa – öldürməli! Hərəm ağası fikrimi təsvib etdi. 46 Axşam hərəm ağası birisi ilə alaçığıma girdi. Ocağın qırağında uzanmışdım. Mürgülü gözlərim əvvəl bir şey dərk etmədi, sonra: – Mərrixin mərhəməti, – deyə salam verən hərəm ağasının səsi məni ayıltdı. – Sənə də! – deyə salamını aldım. Qalxıb, başımın altına qoyduğum yəhərə söykəndim. Qonaqlar oturdular. Yeni adam məni diqqətlə süzdükdə marağıma mucib oldu. Ötəri baxışla adi kişi libasında olan bu adamın Ərdicə olduğunu bildim. Gözlərimiz qarşı-qarşıya gəldikdə qığılcımlar parlayan kimi oldu, Ərdica qızararaq uzun kirpiklərini yerə dikdi. – Ağa, – dedim, – tapşırığı yerinə yetirəcək adam bu gəncdirmi? – Budur! – deyə hərəm ağası cavab verdi və diqqətlə üzümə baxdı. Mənalı baxışına cavab olaraq: – Yaxşı! – dedim. – Söhbətimizin davamına ehtiyac varmı? – Var! Təfsilatını danışıb, vaxt təyin etməliyik. – Xaqan oyanarsa? – Nə olacaq ki?.. – Onun bəzən gecə yarısı oyanıb, məni yanına çağırmaq adəti var. Mənzilimdə olmasam şübhə doğar. Məni aradar, sonra... – Sən gedə bilərsən! – Bəs gənc? – Gənc bir az qalsın. Hərəm ağası duruxdu, razı olmayan kimi göründü; lakin bir şey demədən getdi. Ərdica üzümə baxdı, rəngi qaçdı və burnunun tənələri tərpənməyə başladı. Biriki dəfə öskürdü. Həyəcanını duyaraq dedim: – Ərdica, sən dəmi Okabayın hərəmindəsən? – Elə, Mərrixin təqdiri bu imiş. Qısqanclıq köksümü titrətdi. Sərzənişlə: – Şübhəsiz ki, Okabayın ən çox sevdiklərindənsən? – dedim. Ərdica sözlərimə cavab vermədi. Başını aşağı saldı və ocaqdan bir yanar talaşa götürüb, əlində oynatdı. Bir də göz yaşlarının solğun yanaqlarından aşağıya doğru axdığını gördüm. Onu özümə tərəf cəlb etdim, öpmək istədim, buraxmadı. – Yaralıyam, – dedi, – mənə toxunma. Hörmətlə geri çəkildim. – Mərrixin sənə qarşı yapdıqlarını bilirəm, – dedim. – Təfsilatını bilə bilməzsən... Ulu xaqan nəslindən dünyada yeganə nişan olaraq qalacağımı əvvəldən bilsəydim, beşiyimdə boğulardım. – Həyat fikir eləməyə dəyməz! – deyə təsəlli vermək istədim. – Biləks, – dedi, – fikir lazımdır. Məni bu axşam buraya gətirən də o fikirdir. Intiqam hissi ilə dolu köksümü düşmən qafasında partlatmaq istəyirəm. – Bu intiqam hissi məndə də var. Lakin coşqun qanımızı soyutduqdan sonra intiqam almalıyıq, yoxsa... – Onlar düşünülmüş... Bu əsnada hərəm ağası içəri girdi. Bizi sakit bir halda danışan gördükdə həyəcanı susdu. Oturdu: – Vaxt məlum oldumu? – dedi. – Vaxt məlumdur! – deyə Ərdica cavab verdi. Hərəm ağası heyrətlə: – Bir həftə sonramı? – Elə. – Nədən bir həftə sonra? – deyə sordum. Hərəm ağası: – Hərəmdə bir qız var, – dedi, – onu xaqan ələ gətirə bilmir. İndi “ya cəllad, ya yataq” deyə bir həftə möhlət vermiş. O qız... bu gəncin nişanlısıdır. – Çox gözəl, – dedim. – Ancaq yatağan iş görə bilməzsə? – Əvvəl zəhər veriləcək! – deyə hərəm ağası cavab verdi. Ərdica bu fikrə razı olmayan kimi: – Zəhər vermək xainlikdir, – dedi. – Açıqdan-açığa yatağanla vurmalı. – Okabay qüvvətli olarsa? – Olmaz! İntiqam hissi hər şeydən qüvvətlidir! – deyə Ərdica qeyzlə cavab verdi. 47 Birinci xoruz banında Okabayın öldürülməsini hərəm ağası mənə xəbər verdi. Eyni zamanda orduya adamlar göndərildi. Orduda çarpışmalar olduğu bildirildi. Bəzi sərkərdələrin, tərəfdarları ilə bərabər müqavimət göstərdikləri meydana çıxdı. Yeni bir sərkərdə ordunu başına toplar deyə əndişəyə düşdüm. Haman, saraya getdim. Okabay qan içində yıxılmışdı. Meyitini bir xəndəyə atdırıb, torpaqla basdırtdım. Çığırtı salan baş xatını da boğub ortadan qaldırdılar, beləliklə sarayda sakitlik əmələ gəldi. Bu əsnada Ərdicanı xatırladım. Hərəm ağasından soruşduqda, işarə ilə öz çadırını göstərdi. Yanına getdim. Dodaqlarına və burnunun ucuna qan bulaşmışdı. Umuzlarına tökülən dağınıq saçları, dodaqlarındakı qan izi ilə bərabər yırtıcı aslanı andırdı. Məni görcək boynuma sarıldı. Yanaqlarımda odlu damğalar duydum. Aralandıq. – Atanın yerində oturmağa layiq olduğunu isbat etdin! – dedim. – Taxta deyil, eşqinə layiq olmaq istərdim. Cavab olaraq bütün qüvvətimlə Ərdicanı bağrıma basdım.. İşin gedişi başqa şeylər tələb etdiyi üçün dərhal çıxaraq, sarayın nüfuzlu adamlarını başqa bir çadıra dəvət etdim. – Qədərin, – dedim, – sınağı bitdi. Okabay yapdığı xəyanəti əvəzində cəzasına çatdı. Qartal yuvası yenə qartal yavrusuna nəsib oldu. İndi beyət hər kəsin borcu və baş vəzifəsidir... Hamı sözlərimi kəsərək yerindən qalxdı, ayaqlarıma əl sürtərək öpdü. Davam etdim: – Okabay kimi bir çoxları da ordu arasında tüğyana səbəb olurlar. Xainlərin cəzası bu saat verilməlidir... Hər kəs “ur!” – deyə bağırdı. Əllərimizdə məşəl, orduya yayıldıq. Ur, ur, ur! Xaqan qızı Ərdica Xaqan taxtına oturmaq İstəyir. Toy toplansın, Töycü töksün. Azğın sərkərdələrin Payını versin. Ey, caramana car, İskitə xəbər!.. – deyə hayqırdıq. Fırtına yatdı, ordu sakit oldu. Müqavimət göstərən sərkərdələr əldə edilib haman boğduruldu. İkinci xoruz banına qədər bu işləri görüb, Ərdicanın yanına qayıtdım. 48 Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi: xalq yorulmuşdu. Saraya qarşı bir soyuqluq vücuda gəlmişdi. O günü hərəmlər açıldı və yüzlərcə qız xalqa qarışdı. “Hər bir qız könlü istədiyi oğlanla evlənə bilər” – deyə elan edildi. Ordu təşkilatında bəzi dəyişikliklər lazım idi. Haman tətbiq olundu: ayrı-ayrı dəstə və bölüklər qaldırıldı; cəngavərlik qabiliyyəti olanların hamısı tutulub, gizlicə tələf olundu. Xalq arasında müharibənin lüzumsuzluğu haqqında fikirlər nəşr edildi. Qam paltarını geyib, ordunun arasına düşdüm; hər yerdə ayin yapdıqdan sonra sülhpərvər həyatın gözəlliyindən və vuruşmaların dəhşətindən bəhs etdim. Bir gün ordu vəkillərindən ibarət bir dəstə ağsaqqal yanıma gəldi. – Qədərimizdə nə var? – deyə sordu. Bunlara tam bir nüfuz bağışlamaq üçün yanlarında ayin yapdım. Dəfə vuraraq fırlandım, cəzb oldum. Ayıldıqda: – Sığırlarınız, – dedim, – kök, atlarınız qoşar olsun! Çağalarınız ağlamasın! Qədər sizinlədir. Önünüzdə sulu, meşəli torpaq görünür. Otlağı çoxdur. Oturub, qadınınız, çocuğunuz, sığırlarınızla rahat yaşarsınız. Ağsaqqallar məmnun oldular. Sonra birisi torpağın harada olduğunu sordu. – Bir neçə gündən sonra, – dedim, – qədər göstərən tərəfə gedəcəyik. Hazır olun! 49 Ərdica cənub səfərini lazımınca təsəvvür edə bilmirdi. Sarayda hökmran olan irsi bir zehniyyət hər bir səfəri hərb şəklində tələqqi etdiyi kimi, Ərdica da bu cür düşünürdü: – Ordu pozuq, – deyirdi, – sərkərdə yox, əsgərin ruhu düşgün – belə səfərdən bir nəticə əldə etmək olarmı? – Dünyada ən böyük nəticə müharibəsiz həyatdan ibarətdir. Yalnız sülh və zəhmət bizə istirahət təmin edə bilər. Bu iki neməti əldə etmək üçün torpağa oturmalıyıq... Ərdica məni diqqətlə dinləyir, bəzən fikirlərimi anlayaraq düşünür və izahını tələb edirdi. Çox vaxt oturaq zehniyyəti ilə köçəri zehniyyəti bir-birilə toqquşaraq ortalıqda anlaşılmazlıq vücuda gəlirdi. Lakin hər dəfə Ərdica güzəştə gedirdi. Mənə ürəyində bəslədiyi hisslər onu mənə elə bağlamışdı ki, mənim fikrim, mənim zehnim, mənim iradəm onunku olmuşdu. Buna görə sərbəst olaraq fikirlərimin tətbiqinə çalışır və səfər hazırlıqları görürdüm. Bir gün atı minib, düşərgəni başdan-başa gəzdim, hər yerdə hörmət gördüm. İskit arasında böyük nüfuza malik olduğumu duyaraq, özümü baş sərkərdə elan etdim. Bunu mütəaqib – sabah tezdən köçdür, – deyə xalq arasına carçılar göndərdim. “Yel” ulusundan iki günlük bir məsafədə torpağa oturduq. Bura meşəyə bürünmüş dağ ətəyi idi. Bol suyu və əkin yeri var idi. Alaçıqlar quruldu, hər kəs yerləşdi. İlxı otlağa buraxıldı. Nizam və asayiş təmin etmək üçün hər qırx alaçığa bir ağsaqqal şurası seçildi. Şura qərarının icrası üçün min nəfərlik bir süvari alayı təşkil edilərək hərəm ağası idarəsinə verildi. Bütün silahlar toplanaraq saklı bir yerdə gizlədildi. Yaza qədər burada qalacağımız hər kəsə bildirildi. Silahlarını tərk etmək istəməyən əlliyə qədər adam haman tutulub qətl olundu. Beləcə daxili təşkilatı qurtarıb, asayiş təmin etdikdən sonra hər bir ağsaqqal şurasından bir vəkil götürüb, Ərdica ilə bərabər “Yel” ulusuna yola düşdük. Yellilər bizi böyük bir təntənə ilə qarşıladılar. Mənim salamat qayıtdığım hər kəsi sevindirdi. İkinci gün fövqəladə heyətdə məruzədə bulundum, bütün yapdıqlarımı təfsilatı ilə söylədim və “ölüm saçan böyük bir ordunu sülhpərvər bir hala salaraq torpağa oturtdum. Bununla, bir tərəfdən böyük bir İnsan kütləsini faydalı bir sahəyə, sövq etdim və dikər tərəfdən də qəbilələr ittifaqını təhlükədən qurtardım” – deyə məruzəmə xitam verdim. Heyət üzvləri ayağa qalxaraq məni bağırlarına basdılar. Sonra mənim təklifimə görə iskit məsələsi ətraflı surətdə müzakirə edildi. Onları yeni quruluşa öyrətmək üçün bir çox qərarlar çıxdı. İskitləri bir neçə qəbiləyə bölmək və aralarında qəbilələr ittifaqına mənsub adamlardan mütəşəkkil silahlı qüvvələr saxlamaq məsləhət görüldü. Iskit gənclərinin tərbiyə olunmasının böyük əhəmiyyəti ayrıca qeyd olundu. İskitləri cənuba atan şəraitin daimi olduğunu nəzərə alaraq dedim: – Yeni qüvvələrin şimaldan cənuba doğru axması hər an gözlənilə bilir. Bunun önünü almaq üçün hər bir qəbiləli hərbə hazır bulunmalıdır. İskitlər cəngavər olduqlarından, onların hərb üsullarını öyrənib, silahlarını qollanmalıdır. Silah tədarükü üçün iskit ustalarını gətirərək “Yel”də silah hazırlamalıdır. Bu təklifim də qəbul olundu. 50 Ərdica “Yel” ulusunun quruluşundan son dərəcə məmnun qalmışdı. Başqa qəbilələri də gəzmək arzusunda idi. O deyirdi ki: – Sizdə hər kəs ümum üçün yaşayır və səadətini də ümumun səadətində görür. Xüsusi əmlak olmadığı üçün həsəd və şöhrət də yoxdur. Bilxassə müharibə tərəfdarı olmadığınız hər şeydən gözəldir... Bilsən, Çopo, hərbdən nə qədər bıqdım. Bütün ruhum laşə qoxuyur. – Hərbə ehtiyac yoxdur, – dedim. – Çalışan üçün toxluq var. Hər kəs yaşamağa haqlıdır. Həqiqi və məsud yaşayışı da yalnız sülh təmin edə bilər. – Sülh sözü Ərdicanı daima gülümsədir. Sülh məfhumu iskit zehniyyətinə yerləşən şey deyil, biz yıxar, yakar və dağıdarıq. Hərb bizim üçün qədərlənmişdir. – Ərdica, – dedim, – bir dəfə də olsa istirahət duyan bir adam müharibə arzusuna düşməz. Iskitlər istirahət görmədikləri üçün cəngavərdirlər. Bir də köçəri həyat nəticə etibarilə müharibə ilə qurtarar. Biz oturaq olduğumuz üçün hərb tərəfdarı deyilik. – Deməli, bizi sülh həyatına həsrət qoyan amillərdən biri də köçərilikdir. – Təbii! Sülhün həzzlərini duymaq üçün torpağa oturmalıdır. – Sonra? – Sonra nə olacaq ki? Zatən dünyaya gəlməkdən məqsəd istirahətli bir həyat sürmək deyilmi? – Elə, elə, Çopo! Sözlərin fikrimin pasını təmizləyir. 51 Qapı açıldı. Ceyniz içəri girdi, gəldiyindən məmnun oldum. Hələ təklikdə görüşməmişdik. – Çopo, səni fikirli görürəm, – dedi. – Yəqin Nuşanın dərdi səni darıxdırır. – Yox. Nuşanın dərdi unuduldu. Indi ürəyim başqa sənəmə tapınır. – Duydum... – Ərdica. Gülümsədim. Bir şey söyləmədim. Ceynizin üzünə baxdım. Mənalı baxışıma cavab olaraq: – Gözəl, çox gözəl! – dedi. – Ərdicanın vasitəsilə bütün iskitlərə nüfuz edərsən. Bunun bizim üçün böyük əhəmiyyəti var. Şimaldan yeni bir axın gələrsə, iskitləri sipər edərik. – Bunu düşünmüşəm. Əgər fövqəladə səlahiyyət verilərsə, irəlidə qəbilələrə böləcəyim iskitləri şimal cəhətlərdə yerləşdirəcəyəm. – Bu çox gözəl fikirdir. Lakin sərkərdələri bizimkilərdən təyin etməli. – Təbii!.. Buğatay necədir? Fəaliyyət göstərə bildimi? – Böyük fəaliyyət göstərdi. Qüvvətli bir ordu təşkil etmişdir. Çocuqlardan qocalara qədər hamı əlində silah düşmənə qarşı durmağa qadirdir. – Qonaqlar qəbilələri gəzdikdən sonra səfərbərlik elan edib rəsmkeçid yapmalı, Ərdicanın və ağsaqqalların qarşısında bütün qüvvələrimizi nümayiş etdirməliyik. Nümayiş iskit arasında böyük təsir bağışlar. – Bunu yaparıq. – “Qoç”la rabitəniz qüvvətlidirmi? – Qüvvətlidir. Iskit təhlükəsi bütün qəbilələri vahid bir şəklə saldı. “Yel”dən yeni-yeni fikirlər doğduğu üçün ulusumuz bir məbəd şəkli almış, bütün qəbilələrin gəncləri ulusa gələrək quruluşumuz və təsərrüfatımızla aşina olmağı özlərinə borc bilirlər. – Deməli, yenilik bütün qəbilələri qaplamadadır. – Elədir. Səndən sonra ulusumuzda bir çox gənclər də yerləşdi. Aralarında qiymətli bir gənc var. Quzğunludur. Heykəl yapmaqda mahirdir. Heyətin qərarına görə bu gənc bütün təsərrüfat işlərindən xilas edilmişdir və yalnız öz sənəti ilə məşğul olacaq. Ulus küçələrini və bağçalarını heykəllərlə bəzəyəcəkdir. – Yanına şagirdlər verin, öyrətsin. Bu sənət lazımdır. – Ulus şurasına söylərəm çocuq göndərsin. Ceyniz bir-iki hor söhbət eləyib, ayağa durdu. Gedərkən birdən dedi: – Nuşa bir qız doğmuş, eşitdinmi? – Yox, – deyə heyrət etdim. – Nə vaxt? – Bir ay olar. – Adı nədir? – Nici. Tühaf bir atalıq hissi vücuduma yayıldı. 52 Ulusumuzun təşkilatı ilə ətraflı surətdə tanış olduqdan sonra, qonaqlara bütün qəbilələri göstərmək qərarlaşdırılmışdı. Birinci sırada “Qoç” qəbiləsi ziyarət edilməli idi. Ərdicaya xəbər verdim. – Ulus o qədər xoşuma gəldi ki... – dedi, – buradan heç bir yerə getmək istəmirəm. “Qoç” qəbiləsini təsvir etdim. Qızlar bulağını və şair Milnirin şeirlərini anlatdım. Ərdicada böyük maraq oyandı. – İlk dəfə səninlə Qızlar bulağında görüşsəydik də, – deyə nisgilləndi. – Biz qan içində doğulduq, ömrümüzün gözəl çağları da qan içində keçdi. Ata minərkən üzündə başqa bir həvəs göründü. Yola düşdük, hər bir təpəyə çıxarkən: – “Qoç” arxadadırmı? – deyə maraqla sorurdu. – Yox, hələ bir-iki təpə də aşacağıq – dedikdə qeyri-məmnun bir halda susurdu. Bir də qəbilənin ağ evləri göründü. Ərdica üzəngiyə istinad edərək, ayağa qalxdı və böyük bir maraqla tamaşaya daldı. – Qızlar bulağı ha tərəfdədir? – deyə dəfələrlə sual verdi. – Sağ tərəfə, dağın ətəyində. – Görünəcəkmi? – Yox, meşə arasındadır. “Qoç”a əvvəlcədən xəbər verilmişdi. Başda Şibra xatın olaraq bütün xalq istiqbala çıxmışdı. Xalqı buraya toplayan başlıca amil maraq məsələsi idi. Qiyafə və fitrət etibarilə bizlərə heç də bənzəməyən iskitləri görmək arzusu hər kəsdə hökmran idi. Bilxassə, Ərdica hər kəsin heyrətinə mucib oldu. Atın üzərində elə şahanə bir qürurla oturmuşdu ki, qüruru gözəlliyini bir qat daha artırmışdı. Ərdicanın özündə də maraq az deyildi. Şibra xatını diqqətlə süzərkən parlaq gözləri qıyqac yuvalarına sığmırdı. Mənə yönələrək Şibranın kim olduğunu sordu. Anlatdım. Dodaqlarında heyrət canlandı. Bu əsnada Milnir irəlilədi və qopuzunu bağrına basaraq “xoş gəldi” havası çaldı. Milniri Ərdicaya nişan verdim. – Bu da qammı? – dedi. – Qam deyil, şairdir. Ərdica şairin nə olduğunu anlaya bilmədi. Zorla anlatdım... Şibra xatın bəzi ayinlər yapdırdı. Bunlar da müsafirlərin xoşuna gəldi. Ayinlər bitdikdən sonra atlardan endik. Qonaq evinə qədər piyada getdik. Xalq da bizi təşyi etdi. Bir həftə “Qoç” qəbiləsində müsafir olduq. “Xoruz” qəbiləsinə getmədən əvvəl Ərdica Qızlar bulağını görmək istədi. Hava soyuq olduğu üçün Şibra xatının səlahiyyəti ilə Qızlar bulağında böyük bir nümayiş yapıldı. Mənə uyqu kimi gələn naçarlı intixabı gözlərimin önündə yenidən canlandı. Axşama üç hor qalmış getdik. Xalq tamamilə orada idi. Qızlar rəqsə başlamışdı. Xalqın ön tərəfində biz də tamaşaya düzüldük. Yenə Milnir əlində qopuz meydana çıxdı və gözəl səslə oxudu. Mi l n i r: Bu dağların qarları var. Q ı z l a r: Naçar, naçar, naçar, naçar. Mi l n i r: Irəlidə barları var. Q ı z l a r: Naçar, naçar, naçar, naçar. M i l n i r: Sevgiləri, yarları var. Q ı z l a r: Naçar, naçar, naçar, naçar. M i l n i r: Heyvaları, narları var. Qız l a r: Naçar, naçar, naçar, naçar. X a l q: Gələr, bitər də dəmləri, İtər, bitər də qəmləri. Bu əsnada yanımda duran Ərdica qışqırtı ilə yerə sərildi. Buğlanaraq vücudundan axan qan qarlı torpağı al boyadı... Bir anda sükuta dalan xalqın içindən: – Nuşa! Nuşa! – deyə səslər eşidildi. Çaxnaşıq düşdü. Bu əsnada Nuşanın solğun çöhrəsi ətrafına yayılan xalq arasında gözlərimə çarpdı. Susuz qalmış çocuq kimi qanlı bıçağı əmdi və ətrafdan sövq olunan əllər ona yetmədən bıçağı sol köksünə soxdu. İskitləri qəbilələrə bölərək, şimal cəhətlərdə yerləşdirdiyimdən üç il keçir. Özüm “Ərdica” adlanan qəbilədə yaşayıram (Ərdicanın qurğanı da buradadır). Hərəm ağası ilə bir evdə qalırıq. İkimiz də mənən tənha və taleyi bir-birinə bənzəyən adamlarıq. Mənim də onun kimi şəxsi həyatım ölmüş. Qəlblərimizin çırpıntıları bu gün cismən aramızda yaşamayan bir simada toplanaraq həzin bir ahəng vücuda gətirir. İştə, uzaqlarda inikas edən bu ahəng hərəm ağası ilə məni bir can bir cəsədə bağlayan kimi olmuş. Artıq bizim üçün qadın eşqi yoxdur – deyə bir-birimizə söz vermişik. Sözümüz baqidir. Ümum qəbilə xalqı səhər tezdən işə çıxar: kimi ilxıya, kimi bağbağçaya gedər. Daimi vəzifə yoxdur, vəzifələr dəyişilir. Dünən hərəm ağası ilə tarlada çalışdıq, bu gün isə ilxıda idik. Mal-qara otlarkən bir təpədə oturub, yeni binalı gənc qəbiləmizi seyr edirdik. Hərəm ağası mənə fərəhlə dedi: – Çopo, əvvəl mən də başqaları kimi qəbilə həyatına zidd idim. Səfəri yaşayış, macəralar, saray təntənəsi hələ beynimi istila etmədə idi. Ilk zəhmət mənə yeni bir zehniyyət bağışladı. İndi keçmişin xəstə irsindən tamamilə xilas olmuş bir adamam, səadətimin hüdudu yoxdur. – Bu səadətin başlıca səbəbi mən olduğumdan özümü məsud zənn etməkdə haqlıyam, – dedim. Bu söhbəti xatırlarkən “səadət nədir” – deyə öz-özümə sual verdim. Səadət şəxsi “mən”dən, şəxsi təmayüldən, şəxsi arzudan əl çəkərək ümumi “mən”liyə, ümumi təmayülə və ümumi arzuya xidmət etmək deməkdir. Biz bunu yapdıq. Və qəbilənin hər bir fərdi bu yolu təqib etmədədir. Əhməd kitabı yumdu. Lakin fikir və xəyalı kitabdan ayrılmaq istəmədi. Çopo, Nuşa, Ceyniz, şair Milnir, xaqan və Ərdica ətrafına toplanaraq bütün macəraları ilə onu əhatə etmişdilər. Əhməd özünü “Yel” ulusdaşı ədd edərək “Türk mədəniyyəti sarayı” nı tərk etdi. Geniş qaldırımdan “Kommunist” küçəsinin ortasına keçər-keçməz birdən sürətlə gələn tramvayın zəngi çalındı. Avtomobillərin parlaq işıqları gözlərinə çarpdı. Əsri şəhərin gurultusu, radio, elektrik işığı və izdiham onu ayıltdı. Həqiqi aləmin əzəmət və dəbdəbəsi bütün qüvvəti ilə önündə canlandı. Bu aləm qarşısında “Qızlar bulağı” ekranda göstərilən bir şəkil kimi sönüb getdi. * * * 1 Ürək şəkli Biz – Qızlar, qaçar, güllər açar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Oğlan qaçar, bəxtlər açar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Qızlar qaçar, nəşə saçar. Qızlar – Naçar, naçar, naçar, naçar. Biz – Oğlan qaçar, əldə naçar. Qızlar – Naçar, naçar, naçar, naçar. 2 “Yel”lər vaxtı bölmək üçün açıq meydançada bir dairə cızıb, ortasına əmudi bir ağac dikmişdilər. Dairə on altı hissəyə bölünmüş; hər hissəyə “hor” deyirlər. 3 Şamanlar 4 Qurultaya * * * Kitabxana.az · https://kitabxana.az/collections/cemenzeminli-qizlar-bulagi İctimai mülkiyyət (müəllifin vəfat ili: 1943). Public domain (author died 1943). Original text only.