Qəzəllər Əbdülxalıq Yusif (1853–1924) Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən, Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən. Zi bəs ki, eylədim hicrində nalə, ey kəmanəbru, Sərasər təngə gəldi hər nə var əhli-vətən məndən. Qəmi-hicrinlə var, ey laləruyum, dağ sinəmdə, Gərək təlim ala adabi-eşqi kunkən məndən. Gəl, ey hicranı, könlüm xanəsin viran edən dilbər Şikayət etməyək hərgiz nə mən səndən, nə sən məndən. Cəfa səndən, əziyyət səndən, afəti-bəla səndən, Vəfa məndən, məhəbbət məndən, izhari-həzən məndən, Daha bəsdir, bu qədri eyləmə ahü fəğan, ey dil, Məbadə incisin ol Yusifi-şirinsüxən məndən. * * * Ey güli-tər, məni xar eyləmədinmi? Elədin Ey güli-tər, məni xar eyləmədinmi? Elədin. Şöhreyi-xürdü kübar eyləmədinmi? Elədin. Salmadınmı yüzünə zülfl-siyahı? Saldın. Günümü çün şəbi-tar eyləmədinmi? Elədin. Almadınmı dili-sədparəmi əldən? Aldın. Bir nigahilə şikar eyləmədinmi? Elədin. Olmadımmı səri-kuyində mücavir? Oldum. Məni sən hicrə düçar eyləmədinmi? Elədin. Nalə bulbül kimi mən eylər ikən gül kimi sən, Xəndə, ey laləüzar, eyləmədinmi? Elədin. Tutmadınmı gedib əğyar ilə ülfət? Tutdun. Məni əğyar ilə yar eyləmədinmi? Elədin. Dustü biganəni yox, aləmi, ey mahliqa, Mənə düşmən nə ki, var eyləmədinmi? Elədin. Demədinmi ki, nigahımla səni qətl edərəm? Mən ilə böylə qərar eyləmədinmi? Elədin. Yusifi, ey guli-xoşbuyi-məhəbbət, hər dəm Gülşəni-eşqə həzar eyləmədinmi? Elədin. * * * Hər kəsdə kəmal olmasa ürfanlığa dair Hər kəsdə kəmal olmasa ürfanlığa dair, Nitq edə gərək bisərü samanlığa dair. Bidanişü ürfan necə hikmətdən urar dəm, Ta olmasa xasiyyəti loğmanlığa dair. Gər xatəmi bir əhrimən eylərsə də sirqət, Onda tapılar canmı Süleymanlığa dair. Öz-özünə bir şəxs müsəlman desə olmaz, Gər olmasa ətvari müsəlmanlığa dair. Tac ilə deyil səltənətü təxtilə dövlət, Soltanda gərək baş ola soltanlığa dair. Hər surəti insan olan olmaz özü insan, İnsanda gərək fəhm ola insanlığa dair. Sözdən bilinir gövhəri-əsliyyeyi-insan, Dana danışırmı sözü nadanlığa dair? Bəs fərq nədir adəmü heyvan arasında, Hər gah ki, danışasan sözü heyvanlığa dair. Bu əsrdə, gəl sən də pərişan sölə, Yusif, Əsbab fərahəmdə pərişanlığa dair. * * * Kimdir ki, verməsin könül əbrukəmanlara Kimdir ki, verməsin könül əbrukəmanlara, Dil verməmək mahaldı bu dilsitanlara. Pirani-parsadilü həftadsaləmiz, Meydir muradı ta nə yetişsin cavanlara. Söz yox, dəhanı var, o qədər təngdir ki, söz Bir nüktədir, təvəllüqü var nüktədanlara. Hər kim ki, cüzvi-layətəcəzzanı dərk edər, Bir nöqtə dərkin etməyə düşməz gümanlara. Bir gün şərarələr tökülüb yer üzün yaxar, Əzbəs, çıxıbdır ahım odu asimanlara. Qəmzən xədəngi oldu könüllərdə cayigir, Çox yaxşı dəydi tiri-nigahın nişanlara. Əhli-vəfanı seyd elə hər bir vəfasıza, Atma oxun, dəyər biri, əlbəttə, canlara. Yusif, əgər varındı hünər, olma meypərəst, Dil vermə daxi türreyi-ənbərfəşanlara. Sən məst, çeşm məst, cahan məst, badə məst, Kim huşyardır, bu xəbər çatsın onlara. * * * Könlüm xoş olur ol büti-zibayə baxanda Könlüm xoş olur ol büti-zibayə baxanda, Vəcd eylərəm ol zülfi-səmənsaya baxanda. Nitqin görüb əşkim hünəri düşdü gözümdən, Bir qətrədi bu bəhr o dəryaya baxanda. Çeşmim baxa bilməz o dilaraya doyunca, Əlbəttə ki, göz xirələnir Aya baxanda. Məşuqunə bir kəs baxa, aşiq həsəd eylər, Mən xoşlanıram xəlq o dilaraya baxanda. Vəsl istə, behişt istəmə, ey zahidi-bizövq, Dəyməz bu təmənna o təmənnaya baxanda. Hicran ələmi zövqi-vüsal artırur, ancaq Surət necə əlzəmdir o mənaya baxanda. Yusif, nə qədər fikr edəsən eşqdən özgə, Bir faidəsi yoxdu bu dünyaya baxanda. * * * Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında Müsəlsəl zülfdür çin-çin olub dilbər kənarında, Və ya ənbər saçılmış yari-siminbər kənarında. İki xali-siyəh künci-ləbində eyləyib məskən, İki zəncidi guya əyləşib Kövsər kənarında. Tökülmiş arizi-al üzrə zülfün türfə gülşəndə, Düzülmiş sünbüli-tər laleyi-əhmər kənarında. Düri-dəndanını ləl içrə gördüm, söylədim bəh-bəh, Nə layiqdir sədəf kim, bəsləsin gövhər, kənarında. Rüxün zülf içrə görmüş zahidi-kəcbin xəyal eylər, Bəli, çün görmək olmaz müshəfi kafər kənarında. Camalın möcüzü xurşid tək afaqə rövşəndir Ki, İbrahim tək məskən tutub azər kənarında. Əgər bir sağər içrə mey ola, əlbəttə, ey Yusif, O meydən bir əsər peyda olar sağər kənarında. * * * Nihani bəslənir ləlin xəyalı can arasında Nihani bəslənir ləlin xəyalı can arasında, Bəli, can riştəsi vardır, deyirlər, qan arasında. Qübari-məqdəmin didəmdə müşküldür məkan tutsun, Nə nisbət var gədayi-məhz ilə sultan arasında. Gözün tiği-müjənlə tökdülər bir ləhzədə qanım, Vəli, məhv oldu bu qan çeşmilə müjgan arasında. Camalın nurunu bu hüsnilə dərk eyləməz zahid, O biçarə nə bilsin ki, nə var Quran arasında. Zəminü asimanda hər qədər fərq olsa, vazehdir, O qədri var məsafət zöhd ilə ürfan arasında. Tikandan gül çıxar, adət budur, amma nə nisbət var Nəzərdə xar ilə ol qönçeyi-xəndan arasında. Əgər keyfiyyəti-mey, cəzbəyi-eşq olmasa, Yusif, Təfavüt bəs nədir insan ilə heyvan arasında? * * * Sirri-eşqi demək olseydi, nihan etməz idim Sirri-eşqi demək olseydi, nihan etməz idim, Dəxi gizlin bu qədər ahu fəğan etməz idim. Göz yaşın saxlamaq olsaydı kəsərdim güzərin, Dəxi ruxsarıma, ey sərv, rovan ettməz idim. Dözmək olsaydı əgər dərdü qəmi-hicranə, Gizlədərdim, onu xəlq içrə əyan etməz idim. Hasil olsaydı əgər qeyrilə cəmiyyəti-dil, O səri-zülfti-pərişanda məkan etməz idim. Dolmasın əşk ilə çeşmim, edə bilsəydim əgər, Özümü boş yerə rüsvayi-cahan etməz idim. Baxa bilsəydim əgər qönçəyə sənsiz, bu qədər, Fikri-ləlinlə dəxi bağrımı qan etməz idim. Bilməsəydim var əgər tiri-məlamət Yusif, Könlümü talibi-əbruyi-kaman etməz idim. * * * Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi, Rəşkdən gülşəndə gül pirahənin çak eylədi. Ləlinin ta qönçeyi-noxiztək rəngin görüb Yar yüzin ruxsari-pakın rəşk əflak eylədi. Əşkim ol gündən gözümdən düşdü kim seylan edib Tutiyayi-xaki-payın didədən pak eylədi. Könlüm ol gündən bənə düşməndi kim səndən səva, Gül tamaşası ani gördüm fərəhnak eylədi. Olmasaydı vəslin öldürmüşdi hicranın məni, Səmmi-hicri zövq-vəslin məhz-tiryak eylədi. Yusifin ta kim yetirsin kuyinə badi-səba, Atəşi-eşqin vücudin yandırıb xak eylədi. * * * Taprmışam könlümü mən, türreyi-cananda imiş Taprmışam könlümü mən, türreyi-cananda imiş, Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş. Nəzər et zülfü-ruxi-yarə ki, bir cənnətdir, Laləvü sünbülü reyhan bu gülüstanda imiş. Nitq şirinliyi ancaq o şəkər ləbdə əyan, Kəbk rəfları tək ol sərvü xuramanda imiş. Vədeyi-vəsl hara, söhbəti-hicran demə kim, Ləzzəti sübhi-visalın şəbi hicranda imiş. Yox imiş hiç tərəfdə sifəti-elmü kamal, Ədəbü elmü kamal aləmi ürfanda imiş. Gördüm ol mah liqa hüsıüni, fəhm etdim kim Şövkətü şənü şərəf-cümləsı insanda imiş. Surəyi-Yusifə get diqqət ilə eylə nəzər, Yusifa, eşqü məhəbbət sözü Quranda imiş. * * * Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona, Bir damdır ki, aləm olub payibənd ona. Çeşmin ki, ehtiyat eləyir çeşmi-zəxm üçün, Ol çöhrə bənzər atəşə, xalın sipənd ona. Ayinə tək camalına həsrətdir ayinə, Baxsan, hər ayinə olur ayinəbənd ona. Zahid ki, bilməyir nədi sevdayi-zülfü xal, Sevdayi-xalü zülf nə gəlir sudmənd ona. Dünyaya vəzü pənd edər, amma düzünə heç Təsiri yoxdu, kargər olmaz ki, pənd ona. Yusif ki, asitaneyi-dildara baş qoyub, Yetməz məqami-rütbədə çərxi-bülənd ona. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebdulxaliq-yusif-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1924). Public domain (author died 1924). Original text only.