Növhələr Əbülhəsən Raci (1831–1876) Aləm niyə bəs olmadi viran, Əli Əkbər Aləm niyə bəs olmadi viran, Əli Əkbər, Ol gün ki, səni saldılar atdan, Əli Əkbər? Bu şiələr, ey kaş, cəhənnəmdə yaneydi, Zülfün nə ki, bircə teli qanə boyaneydi, Çərxün görum ol gündə bu dövri dolaneydi Dövri-bərüvi aldılar üdvan, Əli Əkbər. Bu əqdini bu şiələrün həll edə, müşkil, Vermüb su, kəsüb təşnə sənün başuvi qatil, Olsun o sərün su üçün aşiqlərə nisgil, Verdün sən o zəhmətlə susuz can, Əli Əkbər. Leyla gecələr sübhə kimi yatmadi rahət, Sən kimi cəvan bəslədi, ey kani-məlahət, Axir nə rəvadur qala didaruna həsrət, Düşmən eliyə qanuva qəltan, Əli Əkbər. Məşhurdu hərçənd qəmü möhnəti-Yusif, Kor eylədi Yəqub gözin firqəti-Yusif, Əmma ona bir vəqtə yetüb həzrəti Yusif, Kim, olmuş idi Misrdə sultan, Əli Əkbər. Tapdi səni bir vəqtə o Yəqubi-Mədinə, Yıxmışdıla rəna qədüvi ruyi-zəminə, İstərdi kəsə başuvi ol ləşkəri-kinə, Dutmuşdi sənün gözlərüvi qan, Əli Əkbər. Gördi ki, kəsər başuvi ol taifeyi-gəbr, Mümkün degü bir kimsənə bu zülmə edə səbr, Doldurdi baban gözlərini əşk ilə çün əbr, Səbr eylədi bir Şahi-şəhidan, Əli Əkbər. Qurbani görülmüb kəsə bir kimsənə ətşan, Əmma sənə rəhm etmədi bu ləşkəri-üdvan, Axir səni meydanda susuz kəsdilə qurban, Bu canimiz olsun sənə qurban, Əli Əkbər. Sinən dəmi-şəmşir ilə peykanə verübsən, Canü dil ilə canuvi cananə verübsən, Başun bu rahi-eşqdə mərdanə verübsən, Ey nuri-düçeşmi-Şəhi-mərdan Əli Əkbər. Ol gün ki, çıxub xeymədən əflakə fəğanlar, Meydanda töküldi yerə nahəq yerə qanlar, Hardeydi o gün, mən sənə qurban, bu cavanlar, Məcmui oleydi sənə qurban, Əli Əkbər. Bu zəxmi-dil oldı anova zəxmi-cəbinün, Göylündə qalub həsrəti Leylayi-həzinün, Səndən sora kül başinə dünyayi-dəninün, Sənsiz necə dövr etdi bu dövran, Əli Əkbər? Şümrin görüm aləmdə şədid olsun əzabi, Aya nolu Peyğəmbərə məhşərdə cəvabi? Ol gün ki, qurar ədl ilə divani-hesabi, Etsün bu barədə divan, Əli Əkbər. Çavuş səda çəkdi, çıxub qafiləyi-qəm, Olmadi bu il Racinün övzai fərahəm, Qismət ola qəbrimdə deyə növbə dəmadəm, Hüzzar olallar çaki-giriban, Əli Əkbər. * * * Bax fələk Şamdə bir zümreyi-kafər yerinə Bax fələk Şamdə bir zümreyi-kafər yerinə, Künci-viranədə həm Ali-Peyəmbər yerinə. Qəsri-alidə Yezidün qızı yatsun rahət, Künci-viranədə çəksün o Səkinə möhnət, O sala məcəri-zərduz-başə ba şövkət, Bu sala zülfini rüxsarinə məcər yerinə. Şəhri-Yəsribdən olan vəqtə müsafir Zeynəb, Yeddi qardaşinə eylərdi təfaxür Zeynəb, İndi qan ağlamasun, neyləsün axir Zeynəb, Bircə Bimari qalub yeddi bəradər yerinə. Nə rəvadur üsəra şivənü əfğanə gələ, Şamun övrətləri tən ilə təmaşayə gələ, “Tuf” belə gərdişə, lənət belə dünyaya gələ Ali-Süfyani qoyar zadəyi-Heydər yerinə. Çün gəlürdi görələr Zeynəbi ol əhli-tərəb, Üsəra dövrin alırdı o məhin çün kövkəb. Zeynəb ol firqəni gördükcə deyirdi: - Yarəb, Olmasun kimsə cəhanda məni-müztər yerinə. Möhnəti-qürbət əsər etdi o dəm Leylayə, Verdi viranədə əl qüssəvü qəra Leylayə, Dedi: - Ey çərx, elədün yaxşi sitəm Leylayə, Pasiban Şümr olub indi mənə Əkbər yerinə. Həmnəfəs olmadi bir dəm dəmi-dəmsazə ərus, Gəldi viranədə bülbül kimi avazə ərus. Dedi: - Aya görülüb indiyətən tazə ərus, Ey fələk, qarə sala başinə zivər yerinə? Dedi: - Az qaldi-Səkinə ki, - bu canim çıxsun, Nə qədər boynumi zənciri-düşaxə sıxsun? Təngə gəldüm bu Yəzidün evini həq yıxsun, Gedəcəkdür bəs haçan Ali-Peyəmbər, yerinə. Gördü Gülsum üsəra oxşadi hər nakami, Ney kimi dərdə gəlübdür dili-biarami, Dedi: - Qardaş, görüsən bir bu güruhi-Şami, İtrəti-Heydərə zülm eylədi kafər yerinə. Bir gecə gəldi genə dərdi-Səkinə cuşə, Ağladi, qoydi yüzin torpağa, getdi huşə, Gördi röyadə alubdur babasi ağuşə, Çəkər əl sili vuran Şümri-bədəxtər yerinə. Ərz qıldi: - Baba, viranə olub gör, vətənim, Şümrdən imdi varımdur sənə yüz şikvə mənim. Vurub, əzbəs göyərüb, başda-ayağə bədənim, Taziyanə yeridür, baxsan əgər hər yerinə. Qalmeyub tabü təvana, baba, mən bidildə, Gətdilər Şamə məni naqeyi-biməhmildə, Yeridüb Şümr piyadə bizi hər mənzildə, Yetirüb zülmini bu şumi-bədəxtər yerinə. Verdi arami-təsəlli mənə hər dəm Zeynəb, Razi olmaz yetişə könlümə bir qəm Zeynəb, Çox çəküb zəhmətimi, ey baba, əmməm Zeynəb, Hörmət eylüb mənə viranədə madər yerinə. Raci, tovlanma bu bimehrü vəfa dünyayə, Əldə bir tuşə gərək çün səfəri-üqbayə, Nəqdi-əşk ilə bu gün cəm elə bir sərmayə, Göz yaşı xərc olu məhşər güni gövhər yerinə. * * * Belə əhd eyləmişəm, ey bacı, cananım ilən Belə əhd eyləmişəm, ey bacı, cananım ilən, Ərseyi-Kərbübəladə boyanım qanım ilən. Çünki bu cami-əcəldə şəkərü şəhdim var, Bu səbəbdən susuz ölməkliyə çox cəhdim var, Aləmi-zərrdə canan ilə bir əhdim var, Varam öz eylədiyim əhd ilə, peymanım ilən. Bacı, əhdim budu bu çöldə gərək qanə batam, Qanımı Əkbərimin qanına şövq ilə qatam, Can verib təşnə, gərək isti qum üstündə yatam, Cismi-məcruhim ilə, sineyi-suzanım ilən. Qan içində eləyim həqq ilə bir razü niyaz, Budur əhdim ki, quram burda gərək məclisi-raz, Can verən vəqtdə meydanda qılam, bacı, namaz, Dəstəmazım ola bu şərt ilə öz qanım ilən. Düşdü İbrahim əgər şövqi-həvayi-eşqə, Etmədi tab, vəli dərdü bəlayi-eşqə, Bircə qurban ilə gəldi o, Minayi-eşqə, Gəlmişəm mən bura yetmiş iki qurbanım ilən. Çəkmərəm dəm, dəmi-şəmşirdə, şəmşir nədir, Xəncərü tiğ nədir, nizə nədir, tir nədir, Məclisi-vəslə qədəm qoymağa təxir nədir, Mən bu bəzmə gedirəm başım ilə, canım ilən. Zövrəqi-cismimə var lücceyi-xun içrə nicat, Təşneyi-eşqə verir suzi-ətəş abi-həyat, İçmərəm gər tuta dünya üzünü abi-Fərat, Bəzmi-vəslə gedirəm bu ləbi-ətşanım ilən. Həq yolunda susuz ölmək demə zəhmətdi mənə, Gözümə ox dəyə gər, eyni-məhəbbətdi mənə, Aləmi-eşqdə hər zəhməti rahətdi mənə, Dözərəm yüz belə zəhmətlərə bir canım ilən. Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi, Bacı, eşq aləminin çoxdu belə keşməkeşi, Səni bazarə çəkərlər çü əsiri-həbəşi, Şami-şum içrə əyali-şəhi-mərdanım ilən. Əhli-Kufə yetirir zülmünü itmamə, bacı, Bədənimdə dəxi qoymazla qala camə, bacı, Nizələrdə apararlar başımı Şamə, bacı, Bədənim yerdə qalar peykəri-üryanım ilən. Şamdə məclisi-işrət qurular, söz demərəm, Kuçəvu bamdə səf-səf duralar, söz demərəm, Xeyzüran çubu nə qədri vuralar, söz demərəm, Bəzmi-əğyardə mən bu ləbü dəndanım ilən. Zeynəb ərz eylədi:--Qardaş, bilirəm ruzi-cəza Sən ilə həşrə gəlir başlar əlində şühəda, Üsəranı başıma cəm edərəm mən də, əxa, Gələrəm məhşərə bu zülfi-pərişanım ilən. Ümmətə cümlə şəfaət edərəm mən sən ilə, Kərbəladə bulaşan qanına pirahən ilə, Şimri-dunun yaxasından tutaram şivən ilə, İstərəm qanını bu çaki-gəribanım ilən. Ya Hüseyn, hövli-qiyamətdə yetiş imdadə, Raciyəm, bircə ümidim sənə var üqbadə, Ağlaram, olsa həyatım nə qədər dünyadə, Gecə-gündüz sənə bu dideyi-giryanım ilən. * * * Əfrad Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul, Hava çox istidü, yatma quru yer üstə oğul. Cəfavü çəkdim oğul, qaməti rəsa oldum, Qəddim büküldü, əliməəcəb əsa oldum. Əcəb mənim qoca vaxtımda dadimə yetdin, Ki, qürbət ölkədə yalqız qoyub məni getdin. Cahanda heç ata görməyib belə oğul ölümü, Gözümü saldın işıqdan, xəm eylədin belimi. Oğul ata qocalan vaxtda əlini tutar, Şərik olur qəminə, qəm günü olur qəmxar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulhesen-raci-novheler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1876). Public domain (author died 1876). Original text only.