Gəraylılar Əbülqasim Nəbati (1812–1873) Genə gəldi bahar fəsli Genə gəldi bahar fəsli Bülbül gəldi dadə, dadə, Əhməri güllər açıldı, Saqi, gətir badə, badə! Genə səbz oldu çəmənlər, Güldən bəzəndi gülşənlər, Cıxmış seyrə gülbədənlər Hamı üzü sadə, sadə. Vəh vəh güldür bu ya lalə, Gül üzünə qonub jalə, Saqi, dur, ver bir piyalə Dəli Fərhadə, Fərhadə. Yar yolunda verdim başı, Yastıq etdim qara daşı, Döndü, billah, gözüm yaşı Şətti-Bağdadə, Bağdadə. Dəli könül, qəm zamanı, Çox etmə ahü fəğanı, Çağır Şahi-lafətanı, Yetsin fəryadə, fəryadə. Saqi, dur, ver bircə cağər, Dindən döndüm, oldum kafər, Tapammadım, qaldı gövhər, Qəri-dəryadə, dəryadə. Nəbati, dur hər səhərgah, Oxu həmdü qülhüvvəllah, Qalmadı əlhəmdülillah, Arzun dünyadə, dünyadə. * * * Genə fələklər ünüşdü Genə fələklər ünüşdü Qurban-qurban sədasından. Məəttəl qalmışam, billah, Aşiqlərin ədasından. Mövcə gəldi gözüm yaşı, Alışdı bağrımın başı. Səs götürüb dağı-daşı, Bu Məcnunun nəvasından. Getdi gözümün qarası, Getməz sərimdən havası, Elə bil, tərlan balası Cüda düşüb yüvasından. Kəsildi könlümün zarı, Tükəndi səbrü qərarı, Bir yol öldür qurtar bari, Bu hicranın bəlasından. Gəldi Nəbati divanə, Kənar durun, qaçın yanə, Baxmaz o xanü sultanə Həzər qılın xətasından. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulqasim-nebati-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1873). Public domain (author died 1873). Original text only.