Rübailər Əbülqasim Nəbati (1812–1873) Ey badi-səba, güzar qıl Təbrizə, Aləmdə qalıb ümidimiz bir sizə, Ol sərvqədin kuyinə düşsə güzərin, Bu naməni ver o zülfi ənbərrizə. - Saqi, gətir ol cami-zərəfşanı görək, Sal gərdişə bir o rahi-reyhanı görək, İsgəndərə söylə getməsin zülmatə, Göstər ona bir o abi-heyvanı görək. - Divanə könül, bəsdi fəğan eyləmə çox, Razi-dilimi xəlqə əyatı eyləmə çox. Xamuş otur, feyzi-əzəl tap, özünü Əbnayi-zəmanə həmzəban eyləmə çox. - Saqi, genə əyyami-gülüstan oldu, Gül təxtə çıxıb, çəməndə sultan oldu. Hər rindü gəda deyir mənəm şahi-cahan, Hər qübbərə bir bülbüli-xoşxan oldu. - Saqi, mənə bir cam o meydən ver, ver, Bir türfə xəbər o bəzmi-Keydən ver, ver, Mütrüb, dur əyağə, rəqs qıl məstanə, Dadi-dilimi nəvayi-neydən ver, ver. * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulqasim-nebati-rubailer İctimai mülkiyyət (müəllifin vəfat ili: 1873). Public domain (author died 1873). Original text only.