Təcnislər Əbülqasim Nəbati (1812–1873) Ay nədir, nədir Başına döndüyüm, bu necə haldır, Dinməmiş deyirsən: ay nədir, nədir? Başım çıxmaz mənim sənin dilindən, Buyurginən görüm ay nədir, nədir? Qurban olum üzündəki həyayə, Qəmzə oxun mindirginən hey yayə, Nə baxırsan maral kimi hey ayə? Cəmalın yanında ay nədir, nədir? Gözüm qan kasası, ürəyim şişə, Məni kabab kimi çəkmisən şişə, Rəqibi görüm ki, dam kimi şişə! İllər-illər çəkə, ay nədir, nədir. Nə baxırsan o sultanə, bu xanə? Çox adamlar gəldi getdi bu xanə. Genə bu gün işıqlanıb bu xanə, Bilmirəm görünən ay nədir, nədir? Həmd olsun Allaha, getdi a çillə! Nəbati, az qaldı güllər açilə, Bu müşgülüm, yarəb, kimdən açilə? Yar dəstində tutan iynədir nədir? * * * Ay Pəri Könlüm gülzannda, qış mövsimində, Açılıb təzə gül, di dər, ay Pəri! Həsrət öldüm, heyif görmədim üzün, Qaldı qiyamətə didar, ay Pəri! Çəkin getsin, mən minmənəm yad ata, Sevə bilməz özgə oğlun yad ata, Bu yorğun maralı qoyma yad ata, Özün xədənginə didər, ay Pəri! Keçə bilməm, bu dəryalar dərindir, Ölənə tek yerim sənin dərindir. Dur ağacdan almalan dər, endir, Bir-bir otaqlara didər, ay Pəri! Xoş yaraşır bazubəndlər bu qara, Sona tellim, sənə düşməz bu qara, Bundan artxq dözmək olmaz bu qara, İnsafa gəl, dur aç didar, ay Pəri! Ömrüm başa gəldi uzun gecələr, Bu yatmamaq vallah, məni gic elər. Niyə bilməm Gülgəz ünü gec elər?! Dur gəl ki, vaxt oldu di dar, ay Pəri! Həsrət toxmun mən də əkdim dəminə, Səni allah, atdan düşmə, de minə. Bir düşəsən Nəbatinin dəminə, Səni tərlan kimi didər, ay Pəri! * * * Gözlər, nə gözlər O tərlan baxışın qurbanı canım, Boy çəkib gözlərin gözlər, nə gözlər! Amaci-sinəmi novki-müjganın Qoyub nişanəyə gözlər, nə gözlər! Nə qələtdir düşüb üz arasına, Onu bilmək olmaz üz, arasına, Əgər qəvvas isən, üz arasına, Bir gör axır ondan gözlər, nə gözlər! Təcəllasan, buyur Sina dağına, Əğər görsən məni, Sinada, qına, Qoyma rəqib baxsın sinə dağına, Yamandır gözləri, gözlər, nə gözlər! Yeni aydı, amma nə sövdası var, Nöqsanına bax, gör nə sovdası var, Heç bilmənəm başda nə sevdası var, Ağlar-ağlar, deyər gözlər, nə gözlər! Nəbati kül oldu, yandı Sinada, Bu alovdan bir od düşsün sana da, Deyəmməzəm, necə deyim sına da, De görüm görmüsən, gözlər, nə gözlər! Əhvəl olma, bir nöqtədir hər ucu, Bir dövrdə dolanırlar hər üçü, Nəbatinin sultanıdır hər üçü, Bu idi mən deyən gözlər, nə gözlər! * * * Kitabxana.az · https://kitabxana.az/collections/ebulqasim-nebati-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1873). Public domain (author died 1873). Original text only.