Bağlamalar Aşıq Ələsgər (1821–1926) Biləsən Təriqətlə mərifətə qulaq ver, Şəriətdə yol-ərkanı biləsən. Həqiqətdə nədən xəlq eylədi haqq Ərşi, kürsü, asimanı, biləsən. Şəcərətil-yəqin harda bitibdi? Təşbehi dünyada nəyə yetibdi? Neçə kökdü, neçə budaq atıbdı? Neçədi yarpağın sanı, biləsən? Onları xəlq edən xudam qənidi, Səxavət əhlidi, kərəm kanıdı. Əsabi-Kəhf neçə nəfər can idi? Adları nə idi, onu biləsən? Süleyman, İsgəndər Zülqədər hanı? Dolandı nə qədər, gəzdi hər yanı? Belə qərar qoyub kərəmin kanı: Vacibdi, dünyanı fani biləsən. Yazıq Ələsgərəm, ona qulam mən, Nuru hörmətindən əhli-diləm mən. Buyurasan, xidmətinə gələm mən, Sərimdəki bu sevdanı biləsən. * * * Bizdən salam olsun arif olana Bizdən salam olsun arif olana, Haqq nə gündə xəlq eylədi dünyanı? Yer ilə göy nə saatda bəhs etdi? Yer nə üstə bəndə saldı asmanı? Asman nə istədi bari-xudadan? Xuda nə əmr etdi ərşi-əladan? Kim idi gəldi, kimi apardı haradan? Nə surətdə gördü Məscid-Əqsanı? Nə ab ilə orda aldı dəstəmaz? Neçə rəkət əda eylədi namaz? Neçə kimsənəyə oldu pişnamaz? Onlar baqidimi, olubmu fanı? Tez verəsən bu sözlərin isbatın: Nədəndi binası Abi-Həyatın? Hardadı məqamı Mələk əl-mövtun? Nə tövr ilə alır insandan canı? Bu təzə kalamdı, olsun yəqini, Kəbə – qibləm, dinim – Məhəmməd dini. Atam – Əliməhəmməd, Göyçə sakini, Adım Ələsgərdi, yaxşı bil, tanı! * * * Bu günləri bir hikmətə tuş oldum Bu günləri bir hikmətə tuş oldum, Adı-sanı hər aləmdə deyilir. Şəriət ətini haram buyurub, Halal olan sümükləri yeyilir. Müdam ayağından kəsilməz abı, Abını kəsəndə, heç olmaz tabı. Çox əziz yaradıb kərəm sahabı, Toxmaq ilə təpəsinə döyülür. Ələsgər ərz eylər, ariflər qana, Üç ayda, dörd ayda o gəlir cana. Lətifdi xörəyi, qarışır qana, Dərmanı var cəsədində yayılır. * * * Danışaq Hikmət məclisində əyləşən alim, Gəl, səninlə yol-ərkandan danışaq. Ələst aləmindən, qalu bəladan, Nuri-Əhməd yaranandan danışaq. Kürsü lohü qələm nədən yarandı? Neçə min il gərdiş vurdu dolandı? Nə əmr oldu, qərar tapdı, dayandı? Əvvəl nə xətt yazdı, ondan danışaq? Təmisah balığın qədəri nədi? Nə yeyir, nə içir, mədarı nədi? Həqiqət qapısının açarı nədi? Onu açıb-bağlayandan danışaq. Əgər haqq aşıqsan, “meydana gəl” de! Arifsənsə, bu sözlərə “gözəl” de! Farsiyyət bilirsən, şeir-qəzəl de! Ərəbxansan, gəl, Qurandan danışaq! Ələsgər, qəm çəkmə, Xuda kərimdi! Yetmiş iki yolun hansı qədimdi? Həzrəti-Musanın anası kimdi? Bir xəbər ver, o dövrandan danışaq! * * * Oldu Altı gündə dünya neçə don geydi, Nə üstə əyləşdi, bərqərar oldu? Əvvəli kim oldu ərşin bənnası? Ulduzlar nə təhər yerbəyer oldu? Neçə idi müqərrəbin mələyi? Onların içində hansıydı bəyi? Canlıdı, cansızdı ərşin dirəyi? Nə ilə çalındı, mötəbər oldu? Ələsgər əl çəkməz etiqadından, Yerdə xəbər verir göy büsatından. Haqq ilə peyğəmbər əhvalatından İslamam deyənə nə xəbər oldu? * * * Olur İki bədən gördüm, altmış başı var, Müttəsildi onda qeyri sirr olur. İki uruh gərdiş vurub dolanır, Gahdan iki olur, gahdan bir olur. Birisi sultandı, gəzir taxt üstə, Biri gah sağ olur, gah zaman xəstə. Qocaldıqca olur təzə, novrəstə, Cavanlıqda qoca olur, pir olur. Yüz səksən qolu var, oynar ab ilə, Üç yüz qulağı var, san-hesab ilə. Beş kəlmə danışır afitab ilə, Kəlməsində gövhər olur, dürr olur. Oxudum, yetişdim mən bu hesaba, Niyyəti ayrıdı, mənzili Kəbə. On min qırx yol sərin qoyur turaba, “Mu” kəlməsi Rəbbi ilə bir olur. Aşıq Ələsgər bu hesaba yetişdi, Onu cəm eyləyən bir dənə quşdu. Gahdan bəzirgandı, gahdan dərvişdi, Gah padişah olur, gah vəzir olur. * * * Sübhün çağı bir hikmətə tuş oldum Sübhün çağı bir hikmətə tuş oldum, Desəm inanmazlar, sirri-sübhandı. Yeddi qat qaladı, daşsız, kərpicsiz, O qalada bir əjdaha pünhandı. Nə qədər baxıram, yoxdu gözləri, İki buynuzu var, bəhri-şeşpəri. Nə əl-ayağı var, nə balü pəri, Seyr eləyir, nə gərdişi-dövrandı?! Nə zaman ki, sərin çıxardır dərdən, Yeddi qat qalanı tərpədir yerdən. Qaldım aciz, zəlil, heyran, sərgərdən, Bilmədim çinidi, ya üstüxandı? Dindirrəm, dillənmir, yoxdu zəbanı, Ona tərtib verib kərəmin kanı. Özü dincdi, heç incitmir insanı, Heyif, ismi doğrulara düşmandı. Səhərdən-səhərə edir seyranı, Götürür qalanı, gəzir hər yanı. Aşıq Ələsgər deyər, bu müəmmanı Hər kəs tapsa, canım ona qurbandı. * * * Yetər Bu gün bir əcayib gördüm, Təşbehi heyvana yetər; Ariflər, uzaq düşməyin, Nisbəti ilana yetər; Cəsədi qüdrətdəndi, Əməli insana yetər; Hərdən ki, nərə çəkər, Sədası ümmana yetər. Yeddi bağırsağı var, Qarnında aşkar dolanır; Yalnız ki mən demirəm, Onu görən hamı qanır. Əjdahalar, pələnglər Görəndə candan usanır; Başını götürüb qaçar, Hərəsi bir yana yetər. Dümbünü çəkibdilər Cəsədindən yen ziyada; Adlanıb, isbatlanıb, Hər tərəfə salıb səda; Bəyləri minər gəzər, Heç yana getməz piyada; Nə ayağı yerdədi, Nə səri asmana yetər. Məqədindən taam yeyir, Qəyy eyləyir dəhanından; O vaxtında qarşı duran Gərək ki, keçsin canından; Üz görməz qardaşına, Xof eyləməz düşmanından; Hər kimə xişm ilə baxsa, Ölməsə də, cana yetər. Onun xörəyini deyim, Təşbehi quş yumurtası; Qarnında zikr eləyir, Insana yetişir səsi; Dilini ona vuranda, Çıxır bir üryan balası; Qanadı yox, quyruğu yox, Uçar, biyabana yetər. Hər kəsə nəfəsi dəysə, Ölməsə də gedər huşdan; Üç yerindən kəməri var, Qurşayıb zərü gümüşdən. Aşıq Ələsgər deyər: Hər kəs baş tapsa bu işdən, Ona bir tərif deyərəm, Gedər Alosmana yetər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-baglamalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.