Cığalı təcnislər Aşıq Ələsgər (1821–1926) A yağa məni Arif olan, bir od düşüb canıma, Əridib döndərir a yağa məni. Aşıq deyər, ay ağa, Yetiş dada, ay ağa, Illər xəstəsi canım, Yar gəldi, qalx ayağa! Ağa olan qulun salmaz nəzərdən, Salma nəzərindən, ay ağa məni! Kamil ovçu, ovun görcək sin, ayə! Oxu dərsin əzəl başdan “sin” ayə! Aşıq deyər, sin, ayə! Oxu dərsin “sin” ayə! Xəstənin gözü düşmüş Yetkin nar, tər sinayə. Ömr azaldı, vədə yetdi sinə, ayə! Bir gün də bükərlər ay ağa məni. Mənim yarım yaşıl geyib, incidir, Incə beldə gümüş kəmər, inci, dürr. Aşıq deyər, inci, dürr, Inci – mərcan, inci – dürr. Yaman övlad, bəd qonşu Qohum-qardaş incidir. Xəstə düşdüm, bu dərd məni incidir, Tut dəstimdən, qaldır ayağa məni! Ələsgərəm, dada gəldi, budu yar, Bayquların məskənidi bu diyar. Aşıq deyər, budu yar, Gül bəsləyən bu diyar. Canım sadağa verrəm, Qəbuldursa, budu, yar! Al xəncəri, bağrım başın, budu, yar, El içində salma ayağa məni! * * * Dal-dala İsmin üç hərf eylərəm bəyan: "Mim"di, "nun"du, "sin" yazılıb dal-dala. Mən aşığam dal-dala, Bayqu gəzər dal-dala. Açılıb yaxan bəndi, Çək, turuncun daldala! Sədrin üstə şux məmələr görünür, Bədnəzərdən pünhan elə, daldala! Sürmə çək qaşına nə qara yaxşı, Ağ üstdən yazıla nə qara yaxşı. Mən aşığam nə qara, Gözlərindi nə qara. Həsrətindən Məcnunam, Günüm olub nə qara. Saçların görəndə nə qara, yaxşı! On dörd hörük çin-çin düşüb dal, dala. Ələsgərəm, mən də nişana qoydum, Təmiz ad saxladım, nişana qoydum. Mən aşığam nişana, Zülf üzündə nişana. Sinəmə dağ çəkilib, Qaldı elə nişana. Sərimi qarşına nişana qoydum, Əsirgəmə, at oxların dal-dala. * * * Üzhaüz Mərifət bəhrində qəvvasam deyən, Gir dərin dəryaya, çalxan, üz ha üz. Mən aşığam, üz ha üz, Sonam, göldə üz ha üz. Bivəfadan yar olmaz, Ömür üzsən, üz, ha üz. Qarı düşman bir də gəlib dost olmaz, Əlin tutub yalvarasan üz ha üz. Dərviş olan gedər gəzər dərində, Yerkən açar dayazlarda, dərində Mən aşığam, dərində, Dayazlarda, dərində. Qul olasan, qalasan Nazlı yarın dərində. Əl açasan ərənlərin dərində, Calayasan sınıq könül üz ha üz. Ələsgərim, ağlayasan, güləsən, Bülbül kimi aşiq idin gülə sən. Mən aşığam, güləsən, Danışasan, güləsən. Bağban öldü, bağ soldu, Həsrət qaldın gülə sən. Naşı bağban, əl uzatma gülə sən, Çək əlini qızılgüldən üz ha, üz! * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-cigali-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.