Deyişmələr Aşıq Ələsgər (1821–1926) Aşıq Ələsgər ilə deyişmə -Aşıq Ələsgər* Hərcaymm, dilbilməzin ucundan, Dönə-dönə mən ziyana düşmüşəm. Doymaq olmaz gözəllərin buyundan, Pərvanə tək yana-yana düşmüşəm. -Aşıq Hüseyn* Qırxlar piri özü verib dərsimi, Şair cərgəsində sana düşmüşəm. Arif məclisində, alim yanmda, Neçə dəfə imtahana düşmüşəm. -Aşıq Ələsgər* Dövlətim çox oldu, qıymadım pula, Kor oldu gözlərim, yapışdım dula, Nə ölür, nə itir canım qurtula, Məcnun təki biyabana düşmüşəm. -Aşıq Hüseyn* Bir zaman əlimdə zil, bəm saz oldu, Gözəllər mənimlə üzbəüz oldu, Suyum artıq gəldi, tozhatoz oldu, İndi də yumşalıb una düşmüşəm. -Aşıq Ələsgər* Ələsgər keçibdi namus, arından, Aləm yata bilməz ahü-zarımdan, Boşasam, qorxuram oğlanlarımdan, Boşaya bilmərəm, qana düşmüşəm. -Aşıq Hüseyn* Özüm aşıq olub gəzirəm eldə, Qaldı həsrət gözüm əbrişim teldə, Ələsgər danışam təşbih timsalda, Hüseyn deyər: yaman dona düşmüşəm. * * * Həcər xanımla deyişmə A ş ı q Ə l ə s g ə r Həcər xanım, qaşın, gözün təhrində Xətt yazsam, Quranda ayə düşərmi?! Götürsən niqabı mah camalından, Hüsnün nuri-təcəllaya düşərmi?! H ə c ə r x a n ı m Loğmadan kəc olan, nüftədən əyri, Yüz dərs alsa, pür kamala yetişməz. Bir qul düz dolansa haqqın yolunda, Qəza tapmaz, ona bəla yetişməz. A ş ı q Ə l ə s g ə r Saxlasan, qapında mən ollam nökər, Dişlərin mirvarı, dodağın şəkər. Səni sevən bu dünyadan əl çəkər, Daha qeyri təmənnaya düşərmi?! H ə c ə r x a n ı m Gər hökmün işləsə Qaf ilə Qafa, Bihuda xərc çəkmə, əfsana cəfa. Qəvvas tapar ləli, satar sərrafa, Nə aşığa, nə abdala yetişməz. A ş ı q Ə l ə s g ə r Gözəl arif olub, mətləb qanmasa, Yayınıb, yaşınıb, daldalanmasa, Aşıq müştaq olub, qəlbi yanmasa, Bir bu qədər ilticaya düşərmi?! H ə c ə r x a n ı m Eşit bu sözləri, saxla yadigar; Gözəllərdə həya, iyidlərdə ar. Axmaq köpək qaysavadan pay umar, Nahaq düşüb o xəyala, yetişməz. A ş ı q Ə l ə s g ə r Qamətin mələkdi, hüsnün pəridi, Könül gözlərinə çox müştəridi, Camalın şoxundan cismim əridi, Zülfündən üstümə saya düşərmi?! H ə c ə r x a n ı m Qəza insanatı tənabdan asar, Leyli-nahar – muşdu, cəhd eylər, kəsər, Əjdaha ayaqdan çəkər sərasər, Əlləşər, barmağı bala yetişməz. A ş ı q Ə l ə s g ə r Yazıq Ələsgərin var etiqadı, Möhr olunub gözəlliyin baratı, Cismin sadağası, hüsnün zəkatı Sail olan binəvaya düşərmi?! H ə c ə r x a n ı m Var Həcərin gözəllikdə isbatı; Zər libasa naxış vurur xəyatı. Olar gözəllərin xümsü, zəkatı, Cavana yetişər, çala yetişməz. A ş ı q Ə l ə s g ə r Bilmirsənmi, subay gəzmək günahdı, Şəriətə, yol-ərkana nə dedin?! Hər könül özünə bir padişahdı, Sındırdın, döndərdin qana, nə dedin?! Yüz iyiddən birin bəyən, boyun əy, Gələnin, gedənin az qəlbinə dəy. İmirzə, Məhəmməd, Dünyamalı bəy Az qalıb eşqindən yana, nə dedin?! Aşığam, gedirəm hər xeyir-şərə, Eşitcək, vəsfini yazdım dəftərə. O gümüş vəznəli gələn bəylərə, Bilirsənmi, sən zənana nə dedin?! Kəsəmənli nə cür geyir papağı, Sənə nə dəxli var, bimürvət yağı?! Onların köysünə çəkibsən dağı, Heç sağalmaz o nişana, nə dedin?! H ə c ə r x a n ı m Arif olan bu sözlərə inansın, İzin verib ata-ana, deyirəm. Anlamaz anlasın, qanmayan qansın, At sürməsin bu meydana, deyirəm. A ş ı q Ə l ə s g ə r Məşəd Isə gəldi səni görməyə, Kimin nə həddi var, qəlbinə dəyə. Baş əymir sərdara, sultana, bəyə, Söylə görüm, o tərlana nə dedin? H ə c ə r x a n ı m İnanma hədyana, lafi-kəzzafa Bu sevdaya düşən heç tapmaz şəfa. Əlac haqqa qalıb, insaf – sərrafa, Yetirsin gövhəri kana, deyirəm A ş ı q Ə l ə s g ə r Bilmirsən, ərz edim, olgunan halı, Onlara möhtacdı Göyçə mahalı; Sana müştaq oldu bəy Molla Balı, İsgəndər tək ac aslana nə dedin?! H ə c ə r x a n ı m İşim yoxdu dövlət ilə, var ilə, Əhdim var Xudayü Kirdigar ilə. Gül xar ilə uymaz, tərlan sar ilə, Qarğa qonmaz gülüstana, deyirəm. A ş ı q Ə l ə s g ə r Ələsgər də hər elmdən halıdı, Mövla baratıdı, öz kamalıdı. Çəkdiyim özgənin qilü-qalıdı, Axırında, mən cavana nə dedin? H ə c ə r x a n ı m Mən Həcərəm, əbrü ətlaz geymərəm, Öz-özümə sultan mənəm, bəy mənəm, Şövq əhlisən, xətirinə dəymərəm, Səhv düşübsən sən pirana, deyirəm.. * * * Qozqara kötüyü ilə deyişmə A ş ı q Ə l ə s g ə r Arpadan, buğdadan çıxmışdı əlim, Zəhmət çəkdim, dedim bir az darı olsun. Yolmasın yolmaqdan qırıldı belim, Bundan gələn xeyir zəhrimar olsun! K ö t ü k Aşıq, nə meydanı yalqız alıbsan, Söz deyim, sözünə barabar olsun! Nahaq qaldı, ortalığa salıbsan, Elə iş tut, ondan xeyir-kar olsun! A ş ı q Ə l ə s g ə r Bel ilə bu yeri əkdim bir ayda, Sulamaqdan su da qalmadı çayda, Biçdim, döydüm, darım oldu bir bayda, Qoy söyləyim, mahallarda car olsun! K ö t ü k Əfsana sözləri danışma, barı, Eşidənlər səni görərlər karı. Sən orya səpmişdin bir istil* darı, Ümidliydin, ondan bir tağar† olsun?! A ş ı q Ə l ə s g ə r Hər kimə göstərdim, dedilər göydü, Eşidib bilənlər çox mana söydü. Dən tutan yerlərin sağsağan döydü, Qarğayla siçanın üzü qara olsun! K ö t ü k Eşidənlər qınamasın bizləri; Sən də sal bordağa kəl-öküzləri, Qoş kotanı, çevirginən düzləri, Günlüyün‡ birindən bir anbar olsun. A ş ı q Ə l ə s g ə r Ələsgər, başına qəhətdi peşə?! Darı əkib yeməyibsən həmişə. Sazı bas sinənə, təcnisdən döşə, Yığ ruzunu, verən ellər var olsun!.. K ö t ü k Qara kötük deyər, tükənsin sözün, Bu ilki işlərdən nə qorxub gözün?! Bir qızındı, bir arvadın, bir özün; Üç adamla dünya sana dar olsun! * * * Zöhrə ilə deyişmə Ə l ə s g ə r Söylə, qasid, müxtəsəri-vəssalam, Ərzimi canana dedin, nə dedi? Bülbül tək asmana yetişib nalam, Səhni-gülüstana dedin, nə dedi? Z ö h r ə Gedib, ərzi-halın yara söylədim, İnciməsin məndən, – canana dedi. Zülm əliylə məni yada verirlər, Viran qalsın belə zamana, – dedi. Ə l ə s g ə r Yadıma salanda boy-büsatını, Xəstə könlüm minir eşqin atını, Gah axtarır yerin yeddi qatını, Gah çıxır asmana, dedin, nə dedi? Z ö h r ə Nakəs müxənnətin boynu vurulsun, Vay düşsün evinə, şivən qurulsun, Məhərrəmin oğlanları qırılsın, Qalmasın yurdunda nişana! – dedi. Ə l ə s g ə r Aşiq oldum bir nainsaf millətə, Qolu bağlı məni verdi cəllətə. İncilə, Zəbura, Səhfə, Tövrətə, And verrəm Qurana, dedin, nə dedi? Z ö h r ə Seyraqublar aralığı qatdılar, Zülm ilə boynuma kəmənd atdılar, Atam, anam məni pula satdılar, Onlar yetişməsin imana, – dedi. Ə l ə sg ə r Könül gərək istədiyin istəyə, Dostun sözün dosta gərək dost deyə. Rəhm elədin mən günahkar xəstəyə, Dərdimi Loğmana dedin, nə dedi? Z ö h r ə Zöhrəyəm, sinəmdə dərdü qəm çoxdu, Üstümə tökülən peykandı, oxdu, Dünyada ədalət, haqq-divan yoxdu, Yetirə dərdimi dərmana, – dedi. Ə l ə s g ə r Kəc dolandırmasın xam xəyalını, Can qoyan istəməz dünya malını. Yazıq Ələsgərin ərzi-halını Sərvi-xuramana dedin, nə dedi? * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-deyismeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.