Dodaqdəyməz təcnislər Aşıq Ələsgər (1821–1926) A yağa-yağa Gəldi yaz ayları, həsrət çəkər xak, Deyər: – Neysan gələ a yağa-yağa. “Lənət şeytana!” – de, şər işdən əl çək, Şeytan səni salar ayaq-ayağa. Səyyad dəryalarda alar cəng ələ, Həsrət çəkər: çiskin gələ, çən gələ! Əzrayıl sinəni çəkər çəngələ, Qəssal qəss eyləyər ay ağa, ağa. Keçən qəncər gər erkəkdi, gər dişi, Dəllək çağır, çəkdirəcən gər dişi. Qəzanın qədəri, çarxın gərdişi Sərsəri tez salar ayağa, ayağa. Ələsgərdən çəkilərsən a yana, Sirr işini nahaq saldın əyana. Çırağın ki, ilahidən a yana, Ehtiyacın nədi a yağa, yağa?! * * * Ay ağa, ağa Dağlar sinəsində lalə seyr edər, Səri səcdə qılar ayaq- ayağa. Darda qalanların dadına yetər, Sidq ilə çağırsa: ay ağa, ağa! Yazarlar kağızın “sin” arasıda, Nanı gətirərlər sin arasında. Cəsəd cansız gedər sin arasında, Nəkreyin qaldırar ay ağa, ağa. Ələsgər, eşq atın yayın təhrində, Nəqqaşlar yay çəkər yayın təhrində. Dağlar al geyinər yayın təhrində, Qışın çilləsində a yağa-yağa. * * * Ay eylər qıj-qıj Qeyz eyləyər, çən çəkilər dağlara, Qəhrindən yelləri ay eylər qıj-qıj. Qarşı gəlsə həsrət çəkən yar yara, Ağlı çaşar, səri ay eylər qıj-qıj. Şin şəhər axtarar, şəc ara dəyər, Şeytan şər eyləyər, şəc ara dəyər. Daşar çaylar, qalxar şəcarə dəyər, Hərlənər daşları, ay eylər qıj-qıj. Aşıq çaşsa, dildə “qara” “qar” qalar, Dağlar sinəsində qara qar qalar. Gəştə çıxsa ərşə qara qarğalar, Çalar qanadların, ay eylər qıj-qıj. Yazıq Ələsgər, əlin yetsə nə nara, Nə həsrət çək, nə ah eylə, nə nara. Nə insandı, səngi salır nə nara, Qaynadar dərya tək, ay eylər qıj-qıj. * * * Çataçat El yeridi, yalqız qaldın səhrada, Çək əstərin, çal çatığın çata-çat. Hərcayılar səni saldı irağa, Həsrət əlin yar əlinə çata-çat. Qışda dağlar ağ geyinər, yaz qara, Sağ dəstinlə ağ kağıza yaz qara. Əsər yellər, qəhr eyləyər yaz qara, Daşar çaylar, gələr daşlar çata-çat. Ələsgərin xəddi çıxdı çal indi, ”Hey”i «yey”ə, «dal»ı «rey»ə çal indi, Hərcayının kəlləsindən çal indi, Çal çəngəlnn, çək ciyərin çata-çat. * * * Nədi adı (dodaqdəyməz təcnis) Şəriətlə təriqəti seçənlər, Təriqətlə həqiqətin nədi adı? Hansı şah haqq ilə ilqar eylədi, Nə incidi, nə ah çəkdi, nə dadı? İstəyirsən seyr edəsən Sinanı, Şər işlərdən saqın, saxla sinanı. Sədət gətdi sini içində si nanı, Dildə qaldı nə ləzzəti, nə dadı! Ələsgər də eşq içində qaladı, Şirin canın ataşına qaladı. Ər iyidin canı getsə, qala adı, Nakəslərin dəhr içində nə də adı! * * * Nə yaxşı-yaxşı Əzizi-cani-dil, eyni-dirəxşan, Yazırsan risalə nə yaxşı-yaxşı. Qarşıda nə yaxşı, Ləhcən gəlir nə yaxşı. Canan candan əzizdi, Nə Leylidi, nə Yaxşı. Dil deyir: cananın sadağası can, Cananı da deyir: nə yaxşı, yaxşı. Yazıq canı yada saldın sən genə, Səd həzar dərdinə gətdin sən ginə. Qarşıda sənginə, Atəş yana, sənginə. Tərlan şikar eylədi, Çıxdı dağlar sənginə. Şəcər, ahən çalır səngi sənginə, Yeyir dəni dəhan nə yaxşı-yaxşı. Ələsgər, sən eşq atını yay indi, Nakəslərin nəzərindən yayın di! Qarşıda yay indi, Çək xədəngin yayın di! Aşıq, eşqin atını Yayacaqsan, yay indi. Ah-zar eyləyər insan yay – indi: Yağa ərşdən neysan nə yaxşı-yaxşı! * * * Sə qalı tez-tez Sarsaq ilə seyrə çıxsan səhraya, Gətirər sərinə sə qalı tez-tez. Tərlan uçar, qalxar ərşi-əlaya, Sardan şikarını sağ alı tez, tez. Yel dəyir, tellərin, yar, a gəzdirir, Saqi istəkanı yara gəzdirir. Yar həsrəti canda yara gəzdirir, Yar gəlsə, yaralar sağalı tez, tez. Xədəngin neyləsin səng isə qala, Eşq ataşın canda səngisə, qala. Şah dəstin yetirsə səngi-səqala, Qaldırar yerindən səqalı tez, tez. Aşıq gərək sirrin desin ha lala, Yanağından həya eylər ha lala. Səxa əhli satdığını halala Siratdan keçəndə sağ alı tez, tez. Səhər səyyad seyrə çıxarsa dağa, Ağan təkdi, dəngi deyil səd ağa. Qıl, yazıq Ələsgər, sərin sadağa, Geydir yar qəddinə sağ alı tez-tez. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-dodaqdeymez-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.