Gəraylılar Aşıq Ələsgər (1821–1926) Ceyran Durum dolanım başına, Qaşı, gözü qara Ceyran! Saldın eşqin ataşına, Eylə dərdə çara, Ceyran! Söz eşidib, ərzim qansan, Mən yanana sən də qansan. Özün bir tülək tərlansan, Niyə uydun sara, Ceyran?! Ələsgərəm, abdal ollam, Eşqin girdabında qallam. Küsdürmüşəm, könlün allam Yalvara-yalvara, Ceyran! * * * Gözəl Nə baxırsan pəncərədən, Xumar gözün süzən gözəl?! Seyraqubla aşna olub, Bağrım başın əzən gözəl?! Büllur buxaq, bəyaz gərdən, Ağlımı aparır sərdən, Yaxasına hərdən-hərdən, İnci, sədəf düzən gözəl! Qəlbimi yandırdın oda, Sirr sözümü vermə yada, Uyubsan zalım xoryada, Məndən kənar gəzən gözəl! Gümüş kəmər, incə belli, Ağ biləkli, nazik əlli, Ay qabaqlı, siyah telli, Ürəyimi üzən gözəl! Xəyalım çaşır güləndə, Pünhan dərdimi biləndə. Ələsgər sizə gələndə, Sığallanıb bəzən, gözəl! * * * Xoş gəldin Qədəm qoyub asta-asta, Sən bu diyara, xoş gəldin! Süzdürüb ala gözləri. Qaşları qara, xoş gəldin! Oğrun durub, qıya baxdın, Mücganın sinəmə çaxdın, Cismimi yandırıb yaxdın, Alışdım nara, xoş gəldin! Qaynayıb, peymanım dolub, Saralıb gül rəngim solub, Həsrətin çəkməkdən olub, Sinəm sədpara, xoş gəldin! Dostun vəfasını gördüm, Seçib, sevib, könül verdim, Təzələndi köhnə dərdim, Dərdimə çara, xoş gəldin! Sinəmdi eşqin dəftəri, Sənsən dilimin əzbəri, Yazıq Aşıq Ələsgəri, Çəkməyə dara, xoş gəldin! * * * Keçdi Pəncərədən qəfil baxdım, Qarşıdan bir sona keçdi. Oğrun baxdı, qaş oynatdı, Müjganları cana keçdi. Ala gözlərini gördüm, Təzələndi köhnə dərdim, Yolunda can qurban verdim, Baxmadı qurbana, keçdi. Sərv boylu mələkzada, Camalından içdim bada. Ələsgəri saldı oda, Qoydu yana-yana, keçdi. * * * Kəklik Həsrətini çəkə-çəkə Dərdim yetdi yüzə, Kəklik! Qız, sən Allahı sevərsən, Rübənd tutma üzə, Kəklik! Dostdan dosta bu nə fənddi, Zülfün boynuma kəmənddi. Düşün dürdü, dilin qənddi, Dodaqların məzə, Kəklik! Geydiyin yaşıl, əlvandı, Eylədiyin nahaq qandı. Ələsgər sana qurbandı, Sən gələndə bizə, Kəklik! * * * Maral Səhər-səhər çeşmə üstə Durur boyu bala, Maral, Ala gözlər girib qəsdə, İstər canım ala, Maral! Sevdim zalım, baqrı daşı, Almaz klrpik, qələm qaşı, Tərlan görüb yaşılbaşı, Sağın, qaynaq çala, Maral! Ağ üzdə xalın bənövşə, Az qalır bağrımı deşə, Məcnunluqdu mənə peşə, Düşmüşəm mahala, Maral! Öpmədim ala gözündən, Doymadım şirin sözündən, Məni ayırıb özündən, Salma daldan-dala, Maral! Camalımdı şəmsü-qəmər, Vəsfın olub dildə əzbər, Ucundan yazıq Ələsgər, Dönübdü abdala, Maral! * * * Mən Gözəl, sana məlum olsun, Həsrətindən yanıram mən. Ala gözlər süzüləndə, Canımdan usanıram mən. Hansı dağın maralısan? Hayıf, bizdən aralısan! Sən də yardan yaralısan, Dürüşündan qanıram mən. Mənim adım Ələsgərdi, Dərdim dillərdə dəftərdi. Xalların dürrü gövhərdi, Sərrafıyam, tanıram mən. * * * Öldürəcək bu qəm məni Ala gözlü, telli ceyran, Öldürəcək bu qəm məni. Həsrətindən oldum xəstə, Öldürəcək bu qəm məni. Təbibimsən, yetiş dada, Pərvanəyəm, yandım oda. Sən atlısan, mən piyada, Öldürəcək bu qəm məni. Ələsgərdi mənim adım, Aləmi yandırır odum, Heç yerdən yoxdu imdadım, Öldürəcək bu qəm məni. * * * Tellərin Gözəl, sənin nə vədəndi, Kəsilib qısa tellərin? Kəlağayı əlvan, qıyqacı Üstündən basa tellərin. Yanaqların güldü, solmaz, Oxlasan, yaram sağalmaz. Qaşın cəllad, gözün almaz, Bağrımı kəsə tellərin. Bağban ağlar bar ucundan, Alma, heyva, nar ucundan. Ələsgər tək yar ucundan Batıbdır yasa tellərin. * * * Üzün məndən niyə döndü Gəl, ey mehri-məhəbbətim, Üzün məndən niyə döndü? Ağzı şəkər, ləbi qəndlim, Üzün məndən niyə döndü? Ayrılıqdan ölüm yeydi, Həsrətin qəddimi əydi. Nə dedim, xətrinə dəydi, Üzün məndən niyə döndü? Aşığa yoxdu qadağa, Müştaqdı dilə, dodağa. Ələsgər sana sadağa, Üzün məndən niyə döndü? * * * Yaylaq Gözəllər seyrangahısan, Görüm səni var ol, yaylaq! Açılsın gülün, nərgizin. Təzə mürgüzar ol, yaylaq! Gözüm qaldı siyah teldə, Bülbül öldü meyli güldə. Kimsəm yoxdu qürbət eldə, Sən mənə qəmxar ol, yaylaq! Mən səni görəndən bəri, Sinəm oldu qəm dəftəri, Yazıq Aşıq Ələsgəri Öldür, günahkar ol, yaylaq! * * * Yeridi Bir közəl keçdi qarşıdan, Sallandı, yana yeridi. Kirpik çaxdı, oğrun baxdı, Od saldı cana, yeridi. Ovçu tək bərədə durdu, Qaşlarından kaman qurdu, Müjganın sinəmə vurdu, Qəmzəsi qana yeridi. Hanı belə huri, qılman?! Eyləmir dərdimə dərman. Çeşmim yaşı olub ümman, Yaşılbaş sona yeridi. Camalın bənzətdim aya, Əhsən qüdrət verən paya. Endirib salmadı saya, Dost mehribana, yeridi. Dedim: qız, getmə, amandı, Ələsgər oduna yandı. Dedi: qocadı, pirandı, Mərdü-mərdanə yeridi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-geraylilar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.