Həcvlər və hərbə-zorbalar Aşıq Ələsgər (1821–1926) Bir şair çıxıbdı Yekallardan Bir şair çıxıbdı Yekəallardan Bəyənməyib göyçəlinin kərməsin. Simeh tapıb, heç qurtarmaz azardan, Onun dərdin heç gözlülər görməsin. Birisi molladı, biri kalvayı, Haqq özü buyurub mehmana sayı. Adı şair, özü himarın tayı, İncidib, qonağa zəhmət verməsin. Molla Əli naməni yazandan bəri, Bu söz çox incidir qul Ələsgəri. Tavaqqam var, Şəmsəddinin bəyləri, Acıqlanın çal köpəyə, hürməsin! * * * Bu yerdə tapılmaz Yazıq aşıq, vermə ömrünü zaya, Qədirbilən can bu yerdə tapılmaz. Kişidə abır yox, arvadda – həya, Nə ədalət xan bu yerdə tapılmaz. Çarxı-fələk məni saldı kəməndə, Bunların oduna düşmüşəm mən də. Adları bəndədi, özü şərməndə, Əsil müsəlman bu yerdə tapılmaz. Bu gün tapıb, azdan-çoxdan alırlar, Sabahı günün qayğısına qalırlar. Qırıq-quruq, fətir-fütür salırlar, Ac doyuran nan bu yerdə tapılmaz. İki məlakə var, asılıb dardan, Sovm-səlat saqit olub bunlardan. Xeyir məlakəsi qalıb sərgərdan, Savabı-ehsan bu yerdə tapılmaz. Bica işdi mən bu sözü deməyim, Ölübdü sərdarım, tutulub bəyim. Ağ otağım, əlvan yorğan-döşəyim, O şövkətü şan bu yerdə tapılmaz. Ələsgər, viranda xəstə düşğünən, Eyham anla, sözün üstə düşgünən. Şahi-Xorasana bəstə düşgünən, Dərdinə dərman bu yerdə tapılmaz. * * * Çıxıbdı Ay həzərat, gəlin sizə söyləyim, Bu dünyanın xəyanatı çıxıbdı. Insaflar azalıb, mürvət gödəlib, Qazıların mazarratı çıxıbdı. Əlimizi aparıbdı sərt ayaz, Ruzumuz olubdu gündən-günə az. Molla şeytan olub, axund şeyitbaz, Məşədi, kalvayı lotu çıxıbdı. Qoçular, quldurlar qatar taxırlar, Fəqir-füqəraya yan-yan baxırlar, Kimi istəsələr vurub yıxırlar, Beşatanın çataçatı çıxıbdı. Pristav, naçalnik gələndə kəndə, Obanı, oymağı vururlar bəndə. Xərc üstə çoxları düşüb kəməndə, Qamçıda belinin qatı çıxıbdı. Gəzirlər havalı ağalar, bəylər, Çalışır qan-tərdə naxırçı, nökər. Müxtəsərin deyir Aşıq Ələsgər, Kovxanın, kattanın zatı çıxıbdı. * * * Danışma Bir adamsan, bir adama namə yaz, Mahalı incidib, eldən danışma! Ara qarışdırma, ay səmi diraz! Kar çıxmaz qovğadan, qaldan danışma! Göyçənin qonağa çoxdu hörməti; Qaysava, qayğanaq verir ləzzəti, Plov, dolma, kabab, əmliyin əti… İnsaf elə, tək motaldan danışma! Kalman çarıq bizə adəti-nasdı, Müsəlmana "persoy" deyən xənnasdı. Ulağın eşşəkdi, yükün girbasdı, Əbrü ətlaz, tirmə, şaldan danışma! Əgər şairsənsə, gəl, eyləyək bəhs, Bir sözünə min söz deyim dəsbədəs. Himarın dümbündə lağəri-məgəs, "Zənbur mənəm", – deyib, baldan danışma! Neçə aşıq qaçırmışam meydandan, İstəsən, birbəbir keçirim sandan. Gəmirib kəngərdən, içib ayrandan, Coşub, kərgədandan, fildən danışma! Adım Ələsgərdi, mərdü-mərdana On iki şəyirdim işlər hər yana. Tülküsən, aslanla girmə meydana, Danasan, sürtünüb, kaldan danışma! * * * Düşərsən Məğrurluq eyləyib "ustadam" demə, Vaxt olar, bir yerdə dara düşərsan. Daş tülək deyilsən, çolpa balasan, Sərgədan qalarsan, tora düşərsan. Alçaqda dayan ki, çıxasan başa, Tülküsən aslanla girmə savaşa. Əlin vurma gücün çatmayan daşa*, Götürə bilməzsən, zora düşərsən. Satmaynan Nağıya ərkinazını, Zimistana döndərərəm yazını; Soyaram libasın, allam sazını, Yal - quyruğu yolux yora düşərsən. Saxla dilin, özün üçün yağıdı, Aşıq Ələsgərin odlu çağıdı, Çalar qaynağına səni, dağıdı, Göydən yerə parça-parça düşərsən. 2-ci bədin 3-cü misrasının belə bir variantı da var:"Gəl yapışma gücün çatmayan daşa" * * * Gəlsin Hər kəs sərdən keçib mərdü-mərdana, Baş qoysun bu yolda, meydana gəlsin! Dərya dilim dalğa vurdu, bulandı, Qərq olmaq istəyən ümmana gəlsin! Dayansın qarşıda, gətirsin tabı, Ayılsın qəflətdən, unutsun xabı, Sualıma dərhal versin cavabı, Gətirməsin üzr-bəhana, gəlsin! Ələsgərəm, mən tutaram bu bəhsi Hardan çıxdı abi-həyat çeşməsi? Neçə fərddi “Ismi-əzəm” duası? Zikr eləsin, dildə nişana gəlsin! * * * Gözüm qaldı bir alagöz gəlində Gözüm qaldı bir alagöz gəlində, Sinəmi yandırır eşqin fərağı. Gövhər qalıb qədirbilməz əlində, Tərlan olub sar əlinin dustağı. Ağıldan kəm, huşdan çaşqın, dilqanmaz, Şərm eylə qonaqdan, ölməz, utanmaz! Bu zəhmətə nəzikbədən dayanmaz, Bimürvət, nainsaf, dilbilməz, yağı! Bəhəqqi-sureyi-ayeyi-Quran, Qırxına qalmasın azan, quduran! Atam Mirzə Tağı, sakini-Iran, Anam Göyçəlidi, öz adım Nağı. * * * Xəbərin varmı Ala gözlü, nazlı dilbər, Elindən xəbərin varmı?! Dörd bir yanın bağça, söyüd, Gülündən xəbərin varmı?! Nə zaman ki, gəldim sizə, Mail oldum qaşa, gözə, Zibilin çıxıbdı dizə, Külündən xəbərin varmı?! O vədə ki, gəlin oldun, Qabırğası qalın oldun, Qaynanana zalım oldun, Dilindən xəbərin varmı?! Daha düşübsən hənəkdən, Suyun qurtarıb sənəkdən. Məmən çıxıbdı köynəkdən, Tulundan xəbərin varmı?! Ələsgərlə çəkmə dava, Ariflər baxsın hesaba; Cehizindi qırıq tava, Malından xəbərin varmı?! * * * Köpək oğlu Kim dedi, meşədən gətir cüt oxu, Dördünü yan-yana çat, köpək oğlu! Heç kəs . . . . . . . . . . . . . . . . . . . Ərəb, türkmən, nə də tat, köpək oğlu! Bizim Ağkilsəyə xəbər olubdu, Yaxın mənzilimiz Kəvər olubdu. Get-gəldən ayağım qabar olubdu, Hey çıxır altından qat, köpək oğlu! Deməynən Ələsgər olubdu naşı, Hələ belə bir iş çəkməyib başı. Tövlədən yabını, yükdən farmaşı, Üstündən yorğanı sat, köpək oğlu! * * * Qohum bildik, qoyduq adam yerinə Qohum bildik, qoyduq adam yerinə, Xələt verdik, gəl Bəşirin toyuna, Gədadan bəy olmaz, nakəsdən iyid, Lənət müxənnətin əsli-soyuna. Müxənnətlər vədə verdi, gəlmədi, Qəza qəhr eylədi, iş düzəlmədi. Bic sövdəgər xırda heyvan almadı, Öküz getdi, cöngə getmir boyuna. Ağıllılar belə qoydu şurutu: Pulu bacarmayan göndərsin çiti. Xaloğlu Qəfərdi gəllədar iti, Kem salın başına, getsin qoyuna. Sən niyə gəlmədin, bic Imamalı?! Dağıtdın ölkəni, yıxdın mahalı, Səni də aldatdı dünyanın malı, Zərər Qələndərin pencər payına. Qara Cəfər irəşbərdi, ustadı, Çıxıbdı hər yerdə söylənir adı, Kasıbdı, məzlumdu, yoxdu bir zadı, Hayıf zəhmətinə, haqq-sayına. * * * Məhəmməd Üç yolla piyada gəldim qapına, Olmadın dərdimin halı, Məhəmməd! Allahimmə səlli, – gördüm üzünü, – Əla Məhəmmədin və ali Məhəmməd! Təvəqqə eylərəm, gəl, keçəni sal, Etibarın yoxdu, əvvəl haqqın al. Qardaşlıqda uzun çəkər qilü-qal, Pis keçər bu işin dalı, Məhəmməd! Aşıq Ələsgərəm, zari-dil, xəstə, Gözüm yolda qaldı, qulağım səsdə. Bir gəliş gələrəm anlamaz dosta, Dəyməmiş tökülər kalı, Məhəmməd! * * * Olmaz Tanıram əslini, söyüddü zatın, Uca boy verərsiz, barınız olmaz. Dildən dost olarsız, könüldən əyri, Doğru-dürüst etibarınız olmaz. İslama haramı halal bilərsiz, Şəriətdən kənar mətləb dilərsiz, Əysik danışarsız, artıq gülərsiz, Namus, qeyrətiniz, arınız olmaz. Ələsgər ərz eylər, ariflər qana, Gövhər sözü eyləyirsiz əfsana. Qəlbdən xainsiz Şahi-Mərdana, Məhşər günü mədədkarınız olmaz. * * * Olsun "Çəkildi" deməkdə sözün qələtdi, Kalamın özünə aşikar olsun. İnşallah, heç yerdə qalmaz avara, Bir qula ki, Şahi-Mərdan yar olsun. Xoş xətt ilə xub yazıbsan yazını, Haqq desən, eylərəm qəbul sözünü. Bəd danışsan, ağladaram gözünü, Sübhü şəm, dəmbədəm əşki-bar olsun. Axund gərək əyri yola getməsin, Haqqın kalamına yalan qatmasın, Heyvana dolaşıb, övrət tutmasın, Alimdə də gərək etibar olsun. Mövladan dərs alan heç düşməz ləngə, Pünhan tutma məni topa, tüfəngə. Mənlə bəhs eyləyən gəlməsə cəngə, "Şairəm" deməyi ona ar olsun. Bir qaynata ədəbini bilməsə, Haqqı tanımasa, namaz qılmasa, Ruhan məclisində adam olmasa, El yanında gərək şərmsar olsun. Dərs almışam o Əliyyül-əladan, Xof etmərəm Xeybər kimi qaladan. Bizə qismət olub qalu bəladan, Deyək, gülək, aləm murğuzar olsun. Sidqini bağlayan Şahi-Heydara, İnşallah, heç yerdə qalmaz avara. Hər kəs bel bağlasa qəni Səttara, Hər elmdən gərək xəbərdar olsun. Şirin ləhcə, xub yazıbsan kalamı, İnsaf məqamında "bəyənər" hamı. Nizami, Füzuli, Firdovsi, Camı… Nə həddi var, sana barabar olsun. Ələsgərəm, ismim deyim aşikar, Qədir bilən dosta başü can nisar. Təvəlla, təbərra şəriətdə var, İstəyən şad olsun, düşman kor olsun". * * * Sığışmaz Baxtım tərəqqidə, işim tənəzzül, İki sifət bir iqbala sığışmaz. Şəriəti anla, mərifəti bil, Şərü böhtan doğru yola sığışmaz. Nadansan, qanmırsan xeyir-şərini, Tərsə oxuyaram xoş dəftərini. Tanı adamını, bil müştərini, Qarğı mizraq qıl çuvala sığışmaz. Ələsgərə satma bu ərkinazı, Heç kəs olmaz belə işdən irazı. Tökərəm hörməti, götürrəm sazı, Şişər başın, bu mahala sığışmaz. * * * Şair Nağı Qarışdırma Şəmşəddini, Göyçəni, Kəndindən kəndimə yaz, Şair Nağı! Hərca dilin salar bəlaya səni, Çox da bilsən, danış az, Şair Nağı! Arvadlar ki əlin vurar qalağa, Yuyarlar, gün vurar, çıxardar sağa. Xub yaraşır sənin kimi ulağa: Noxta, torba, palan, biz, Şair Nağı! Bir ocaqdı, hədyan demə təndirə, Dədən çox yeyibdi, söymə pendirə. Qəza vurdu, başın keçdi kəndirə, Sağlıqdan ümidin üz, Şair Nağı! Göyərib gicitkən, baş verib çaşır, Doldur dağarcığı, Göyçəyə aşır. Elə billəm, qoca çaqqal ulaşır, Olsa sənin kimi yüz Şair Nağı! Şəmşəddin iyiddi, aləmdə məşhur, Aldədədə olur möcüzat zühur. Əl çəkmərəm səndən dəm olunca sur, Vaxt ikən qəbrini qaz, Şair Nağı! * * * Uzaq vilayətdən qız sevən oğlan Uzaq vilayətdən qız sevən oğlan, Yaxın qonşusundan soruş halını. Bir kəlmə qulluğa buyurmaq olmaz, Tanrı qırsın qız doğanın belini! Altı aydı, düşüb bir çuxa bəhsi, Üç aydan bir gəlmir cəhrənin səsi, Paslanıbdı iyi, çıxmır düyçəsi, Küllüklərdə gəzir corab milini. İşə buyuranda, "naxoşam" deyir, Öynədə bir bayda* doğrama yeyir, Qonşuyla dalaşır, uşağı döyür, Kəsən yoxdu bu zalımın dilini. Axşamdan yıxılır, çeştədək yatır, Həftədə xanaya bir arğac atır, Gün batan çağında balatı qatır, Çırmamır qolunu, yumur əlini. Ələsgər sözünü deyər üzünə, Güllə dəysin pis övladın gözünə. Zibil çıxıb uşaqların dizinə, On beş fəhlə təmizləməz külünü. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-hecvler-ve-herbe-zorbalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.