Müxəmməslər Aşıq Ələsgər (1821–1926) Aparır Mərd iyidin məclisindən aşıq gəlir, at aparır; Tər tökür, zəhmət çəkir, açır hər büsat, aparır; Bu dünyanın şöhrətidi, demə biisbat aparır; Mərdlərə canım sadağa, zəhləmi bədzat aparır. Ölmək var, dirilmək var, qail ol miyata, gedən! Qəlbində şeytan mətahın alıb sata-sata gedən! Sirat əl-müstəqimdə tapar səni xata, gedən! Zülm ilə, sələm ilə yığıb, ziyarata gedən! Ziyarata getmək deyil, urusa sursat aparır. Bilirsən ki, ölüm haqdı, bu nə təlaşdı dünyada?! Kimi gördün ki, qəzadan qurtardı, qaçdı dünyada?! Çoxlarını fələk qoyub gözü qan-yaşdı dünyada. Səxavətsiz dövlət, bilin, barsız ağacdı dünyada; Nəfi yox, zəhməti çox, sel gəlir, afat aparır. Ovçusan, bərədə dur, maral gəlir, at, keçməsin. Möminsən, qafil olma, vaxtı-ibadat keçməsin. Tülkü gəlib aslan olub, eşşək gəlib at keçməsin. Müxənnəs ilə nakəsin əlinə fürsat keçməsin; Halalı harama qatır, şeytana sovqat aparır. Sözümün bir parasını saxlamışam, xəlvətdədi; Zamana müxənnət olub, Sur indi müxənnətdədi; Bir az namus gözləyənin axır, boynu kəmənddədi; Dünyada “iyidəm” deyən ölüb, ya qəzəmətdədi; Bu dünyanın ləzzətini, bilin, biqıryat aparır. Qılışdı qardaşlıqlarım dedi bir dana, vermədi; Çarx dolandı, iqbal yatdı, döndü zamana, vermədi. İsmayıl ilə İrvaham mərdü-mərdana vermədi. Sarıdaşlı Bayramalı qaçdı pünhana, vermədi; Aşığın danasın vermir, yüz manatın tat aparır. Ələsgərəm, vəsf elərəm, budu təlaşım Xanlara, Şahi-Mərdan kömək olsun əziz qardaşım Xanlara! Hatəm kimi mətləb verir düşəndə işim Xanlara; Nə ki aşıq gördüm deyir: “qurbandı başım Xanlara!” Kimisinə mal bağışlar, kimi yüz manat aparır. * * * Bahalıq Görməmişdik səksən ildə Bir belə yaman bahalıq. Dad! Həzər dad! Əlindən Çəkirik aman bahalıq! Mal satan taxıl satan Satırlar iman bahalıq Gen dünya bizim üçün Olubdu zindan bahalıq! Günü-gündən dərdimiz Eyləyir tüğyan bahalıq! İndən belə başımızda Namərdlərin töhmətidi Hansı məclisə gedirsən Arpa darı söhbətidi: Qartop ilə ayran aşı Süfrəmizin nemətidi: Buraya bahalıq salan Qeyri yerin millətidi: Nə işə əl atırıqsa Oluruq peşman bahalıq! Nə mal yoxdu sataq yerdə Nə də keçi toğlu qoyun: Əkmədik qardalı darı Başımıza gəldi oyun: Ağ lavaşı bəyənməyən İndi arpa cadı yeyin Ələsgərin bu dərdini Gedin dərd bilənə deyin: Ac susuz açıq çılpaq Sürürük dövran bahalıq! * * * Baxın Ariflər, fəhm eləyin, süzüb gedən yara baxın! Eyləyib müjganları sinəmi səd para, baxın! Aşığa rəhm eləmir, zalım sitəmkara baxın! Çəkirəm həsrətini, mən yazıq bimara baxın! Axır məni çölə salıb, eləyib avara, baxın! Yaraşır əndamına yaşılı, alı gözəlin; Ayaqda sağrı başmaq, başında şalı gözəlin; Tərifi, səs-sorağı tutub mahalı gözəlin; Hər yana şölə salır günəş camalı gözəlin; Açılıb yaxa bəndi, ağ sinəsi qara, baxın! Alıbdı qana-qana yaradandı pay bu sənəm; Behiştin pərisinə deyə bilməm tay bu sənəm; Xubluqda, gözəllikdə bədirlənmiş ay bu sənəm; Gah məndən üz döndərib, eylər ömrüm zay bu sənəm; Tərlandan nə ayrılıb, uyur yasar sara, baxın! Geyinib çıxır yenə, qəsd edir cana, sallanır; Baş əymir o, sərdara, sultana, xana sallanır; Bürümür gül camalın, mərdi-mərdana sallanır, Yusifi damə salan Züleyxayana sallanır; Görəni eşqə salan gözləri xumara baxın! Bu gözəl ağ gərdənə həmayılın taxdı, keçdi; Binəva, yazıq canımı eşq oduna yaxdı keçdi; Daldadan mənə sarı oğrun-oğrun baxdı keçdi; Naqafıl müjganların bu bağrıma çaxdı, keçdi; Dostuna endirməyən zalım vəfadara baxın! Danışır, gəlir xoşa bu dilbərin şəkər sözü; Yaraşıqdı, boy-buxunda budu gözəllərin gözü Gün kimi şölə verir, camalı, göyçək üzü, Basıbdı sinəm üstə bimürüvvət yanar gözü, Yandırır bu sinəmi, ol atəşə, nara baxın! Tökülür halqa-halqa Gözəlin dəstə telləri; Eyləyib Ələsgəri, billah ki, xəstə telləri; Qıymır, bimürvət gözəl, vəfalı dosta telləri; Qıvrılar qıvrım-qıvrım, gərdənin üstə telləri; Az qalır adam çala, o zülfü şahmara baxın! * * * Bu gün Aləmin padişahı, Gəl yetiş imdada bu gün; Naqafıl qarşımıza Çıxdı mələkzadə bu gün; Göz gördü gül çamalın, Könül içdi bada bu gün; Can cəsəddən ayrılır, Gedir bu sevdada bu gün, Ovçuyam görməmişəm Belə bir sərxoş maralı; Tögülüb şahmar zülfü, Bürüyübdü qəddi-dalı; Hüsndə Züleyxa tək, Loğmana bənzər kamalı; Solmasın gül irəngi, Pozulmasın bu çalalı; Mələklər də «amin» desin Ərşi-müəllada bu gün. Ələsgərəm, mən deyirdim, Pərvana əfsana yanır; Eşqdən bir od düşüb Cismimə, mərdana yanır Deyirəm, danışıram, Dönürəm hər yana, yanır; Ürəyim bir Kərəmə, Bir Şeyx Sən'ana yanır; Qəlbdən yas tuturam Məçnuna, Fərhada bu gün. * * * Deyin Dəli Alının vəsfini Yazmışam dastana, – deyin! Afərin, şəyirdlərim, Gedəndə hər yana deyin! Eşidib Göyçə mahalı, Külli-Irəvana deyin! Addayın Şahtaxtından, Təbrizə, Tehrana deyin! Üz tutun Alosmana, Qarsa, Qağızmana deyin! Təmkini, hər büsatı Bənzər Pənah xana, – deyin! Qorxmayın, unutmayın, Mərd durun, mərdana deyin! Kor olsun düşmanları, Qalsın yana-yana, – deyin! Gedərsiniz Alosmana, Qərib qeyri ləzzətdədi; Hamısının mərhəməti Aşığa məhəbbətdədi. Paşalar dəfə, qəsdində, Şahzadalar sovetdədi. Soruşsalar: “Əcəm oğlu, Ər hansı məmləkətdədi?” Emin, Allah, paşa əfəndim, Get Gəncəbasana, – deyin! Gülüstani-Irəmə bənzər Yaylağının hər büsatı; Yönü qibləyə çeşmənin, Car olur abi-həyatı. Ağ alaçıq, əlvan çadır, Naxış vurubdu xəyyatı. Samuğun, Qarasaqqalın Gəlibdi hər meyvəcatı; Evinin ətri-ənbəri Bənzər Irizvana, – deyin! Sərim qurbandı sərinə, Ay atanın nər balası; Tüf dağıdıb, ordu pozan, Səf yaran, sərdar balası. Səxavətdə misli-Hatəm, Səddə İsgəndər balası; Qurşayıb kəmərini Şahi-Qəzənfər balası; Qəniminə qan ağladır, Bac vermir düşmana, – deyin! Hansı yerdə dava düşüb, İyidlik Aslan eləyib; Şahmar kimi gərdan çəkib, Düşman bağrın qan eləyib; Xod verib beşatana, Dağıdıb, şan-şan eləyib; Mirzələr qəzetə yazıb, Aşıqlar dastan eləyib; “Mərhəba”, “əhsən”, “afərin”, “Can” belə oğlana, – deyin! Sidqin Allaha bağlayıb, Çağırır Şahi-Heydəri; Öz nəslindən, öz soyundan Var bir neçə iyidləri; Hər biri qovğa günündə Pozur bir fövci-ləşgəri. Saxlayır aşpazxanada Neçə zəlili, müztəri; Hatəm kimi bir qapısı Açılıb ehsana, – deyin! Molla Qasım kamandardı, Əsədi gördüm mərdana; Əl-ayağı od ələyir Elə ki girdi meydana. Mağar hündür tikilmişdi, Alçaqdaydı aşpazxana; Məcməyilər qol ağartdı, Zəhmət verdi çox cavana; Bu sözlər çapa vurulsun, Getsin bir zamana, – deyin! Balçılı Kalvayı Əli Cavan bir oğlan kimidi; Şəriətdən mətləb qanır, Təriqətdə xan kimidi; Həqiqətdən kəlmə kəsir, Ləli-Bədəxşan kimidi; Hüsndə Yusifi-sanı, Kamalda Loğman kimidi; Padişah vəzir götürər Addasa İrana, – deyin! Silistçi, doxdur, pristav Bezənhabezən yeridi; Əyri işlərə sığal çəkib, Verməyə düzən yeridi. Dəli Alı əl belində, Çiynində süzən yeridi. Ismayıl Mələk əl-mövt tək, Candan can üzən yeridi; Dedi: “Brat, bajolüstə, Gəlməsin oğlana, – deyin!” Eldarda Qəhrəman koxa, Gəncədə Alı söylənir; Dövləti, həşəməti, Şəni-calalı söylənir; Səddə İsgəndər kimidi, Hatəm səxalı söylənir; Zəfəranlı ağ plovu, Əmliyi, balı söylənir; İlahim bərhəm vurmasın Bu qurğu-dövrana, – deyin! İyidlikdə yoxdu əvəzi, Sağ olsun Bala Məşədi! Girəndə meydan içinə, Alınmaz qala Məşədi; Vəsfini dastan edirəm, Düşsün mahala Məşədi; Köhlən at üstə çıxanda, Hamıdan əla Məşədi; Rüstəmin Rəxşi kimi Gətirir cövlana, – deyin! İyidlərin sərkərdəsi Məşədi Məhəmməd hanı?! Gəzən afatdan, bəladan Hifz eyləsin kərəm kanı! Sidqin Allaha bağlayıb, Çağırır Şahi-Mərdanı. Yeddi ağacdan – yeddi ağaca Gözü görəndə düşmanı, Süzən tüfəng cingildəyir, Güllə qaçır qana, – deyin! Hər məclisdə duaçıyam, Günbəgün ucalır səsim; Barilahim, irəhm eylə, Yerə düşməsin nəfəsim: Oğul ver iki qardaşa, Bir qurban da özüm kəsim! Mən deyirdim, çox iyiddi Əsəd ilə Molla Qəsim; Köhnə kişilər deyirlər: “İyid Bayramxana deyin”. Min iki yüz doxsan dörddə Ələsgər tapdı əsəri; Eşq ilə nəfs məni Dolandırır bəhri-bəri; Dilimdə ahi-canan, Sərimdə zəhmətin təri; Qəddimi xəm eləyib Qəhri-qəzanın qədəri; Xacə Nəsirdi, gəlib Çıxıb bu meydana, – deyin! * * * Dolanır Bugünkü məclisimdə Görün, necə can dolanır?! Bəzənib tovuz kimi, Huriyü qılman dolanır; Aləmə aşikardı, Aşıqdan pünhan dolanır; Qaşları cəllad olub, Qəmzəsində qan dolanır. Şəst ilə xaki-payına Gör neçə qurban dolanır?! Hər yanı axtarmışam, Yaranmayıb böylə afat; Xaliqin nurundadı, Zikr olunur ismi “həyat”. Üzünü görən kimsə Gərək çevirsin salavat. Diriyə ölüm yoxdu, Mürdələr də tapar həyat, Meylini döndərəndə, Çarx dönür, dövran dolanır. Əndam ağ, bədən nazik, Gərdən misli-sürahıdı; Çöhrəsi şölə saçır, Göylərin şəmsü mahıdı. Qaş qara, gözlər ala Bu ki mələklər şahıdı. Qınamayın Ələsgəri, Gözəlliyin məddahıdı; Qüdrətin naqqaşına Olubdu heyran, dolanır! * * * Eləyib Xaliqi-ləmyəzəl-Allah Möcüz nümayan eləyib; Görün, bir qətrə mənidən Nə cürə insan eləyib?! Ona fəthi-nüsrət verib, Bəbir pəhləvan eləyib. Səfalının yaylağında Dörd dəfə meydan eləyib. Hər kimə xişm ilə baxsa, Xofu hərəsan eləyib. Xaçpərəstli-müsəlmanlı Cəm oldu Göyçənin eli; Döyüləndə kus-nağara, Xişmə gəlib, oldu dəli. Əlini qoyub köysünə, Hərdən çəkərdi “Ya Əli!”. Atdı göyə pəhləvanı, Düşdü yerə, sındı beli; Kalvayı Molla Hümməti Bir dəstə reyhan eləyib. Meydanlı şövq elədi, Üstüncə bəylər yeridi; Seyistandan Rüstəm qalxıb, Maliki Əjdər yeridi; Dərya kimi cuşa gəlib, Şir kükrəyib, nər yeridi; Gördü, bəylər qafil olub, Aşıq Ələsgər yeridi: – Amandı, girmə meydana, Çoxların peşman eləyib! İqbalları yeyin olsun Əsədin, Molla Balının, Qasım ilə Nağı bəyin, Mədəd ilə Sevdalının! Müxənnətlər daldasında Gizləndi dünya malının; Kalvayı Söyün baxıb gördü, Şoru çıxıb şorcalının; Aşığa bir cöngə verib, Könlünü rövşan eləyib. Kalvayı Söyün kimi iyid Gəlməyib ruyi-zəminə; O kişi sidqin bağlayıb Haqqın ismi-əzəminə. Yaşıl yüzlükləri beş-beş Gedir çinelin† dəminə; Çinellər baş-başa durub, İşi salırlar “çəminə”: “İsgəndərə tənbeh yoxdu, Şah belə fərman eləyib”. Yoxdu Göyçə mahalında İsgəndər tək iyid gəzən; Dost yolunda başın qoyub Düşmanın canın üzən. Yoxsulların əlin tutan, Ac doyuran, əysik düzən. Bir düjün tüfəngin gördüm, Aynalı, berdanqa, süzən... Berdanqaya nabələdəm, Aynalı beş qan eləyib. Sağ yanında Qararxaçın Çox yaxşıdı bir adəti; Samavar qaynayıb coşar, Çatmadan qurtarmaz əti. Hər gələnə hörməti var, Aşığa cöngə xələti. Peyğəmbər süfrəsin silkib, Heç üzülməz bərəkəti; Nəfi mindən-mindən gəlir, Gədələri xan eləyib. Alagöllər, Qaraxaç, Keyitdi* başın, Səfalı! Səndə əylənən xan olur, Gəlir peşkaşın, Səfalı! Çeşmələrin abi-həyat, Mərcandı daşın, Səfalı! Gözəllərin zinətidi Alın, qumaşın, Səfalı! Aşıq Ələsgər bəyənib, Vəsfini dastan eləyib. * * * Gəlin Geyinibsən tər əndama Tər-təzə libası, gəlin! Məni valeh eyləyibdi Qaşların qarası, gəlin! Gözlərindən həya eylər Göyün Sürəyyası, gəlin! Yaxşıların yaxşısısan, Gözəllərin xası, gəlin! Könlümü şövqə gətirdi Hüsnün təmənnası, gəlin! İnanmıram, kamalına Həkimi-Loğman yetişə; Bəlkə, səndən əlac ola, Xəstəyə dərman yetişə; Mərifətdə, qanacaqda Hanı, sana can yetişə; Kənar gəz seyraqubdan, Qoyma ki, böhtan yetişə; Amandı, gəl uyma sara, Tərlanın sonası, gəlin! Süzgün baxış canlar alır, Qəmzələrin qandı, gözəl! Mürvət elə, Ələsgəri Öldürmə, amandı, gözəl! Kərəm Əslidən ötəri Atəş tutub yandı, gözəl! Fərhad Şirinin yolunda Gör necə qurbandı, gözəl! Sən məni Sənan elədin Tərsalar tərsası, gəlin! * * * Giləyə Ariflər, qulaq asın, Deyim bir dastan Giləyə; Qabliyyətdə, mərifətdə Catmaz bir insan Giləyə. Bu təmkində gözəl yoxdu, Olmuşam heyran Giləyə. Yetmiş iki millət görsə, Gərək desin "can" Giləyə. Lazımdı kəsdirəsən Gündə yüz qurban Giləyə. Ağ ipəkdən dizliyi var, Gül düzdürüb yaxasına. Başında herat kəlağay, Bənzər göllər sonasına. Deyib-gülmək halal olsun Belə gözəllər xasına. Libası əndama layiq, Əndam uyur libasına. Qızıldan kəmər yaraşır Sinəsi meydan Giləyə. Maşallah, ay qabağa Gör necə tellər yaraşır. Burun püstə, dodaq qaymaq, Yanağa güllər yaraşır. Ağ buxağa inci, mərcan, Üstünə sim-zər yaraşır. Mina tək gərdəninə Yaquti-əhmər yaraşır. Halal olsun bu səltənət, Bu qurğu-dövran Giləyə. Məhəbbətə sədaqətli, Ayrılmaz bir can kimidi. Tovuz kimi cilvələnib, Qırımı tərlan kimidi. Ay qabaq şölə saçır, Mehri-dirəxşan kimidi. Mərifətdə yoxdu tayı, Kamalda Loğman kimidi. Hüsndə şəbahəti var Yusifi-Kənan Giləyə. Şahi-əl-vahidi-yekta, Dinimiz Məhəmməd dini. Gərək salavat çevirsin Hər kim ki, görsə üzünü. Mən Aşıq Ələsgərəm, Söylərəm sözün düzünü. Həm bu dünyada bacımdı, Həmi qiyamatın günü; Lənət gəlsin o şəxsə – Söyləyə böhtan Giləyə. * * * Gözəl Xub yaraşır əndamına Geyindiyin sarı, gözəl! Yaradan xəlq eləyib Sən kimi dildarı gözəl. Yetişib sinən üstə Bağçaların barı gözəl. Lütf eylə, mən xəstədən Əsirgəmə narı, gözəl! Tök mətahın xırd elə, Aç indi bazarı, gözəl! Əl uzaq, qəlbim yaxın, Bələdəm hər bir halına. Görcəyin valeh oldum Həbəşi xəttü xalına. Zənburam, sızıldaram Dodaqlarının balına. Yaylaqlar ceyranısan, Əhsən o gül camalına! Köysündə qərar tutub Savalanın qarı gözəl. Ağlımı sərdən aldı, Baxdım gözün alasına; Canımı qurban elərəm Belə gözəllər xasına. Libas əndama uyur, Əndam uyur libasına. Ələsgər Məcnun olub, Düşüb Leyli sevdasına; Sailəm, bir sayə sal, Üz döndərmə barı, gözəl! * * * Gözələ Canımı qurban elərəm Bir belə tərlan gözələ; Hal bilən, şirin gülən, Dosta mehriban gözələ; Boy uca, gərdən mina, Zülfü pərişan gözələ; Dolanıb mürği-ruhum, Olubdu mehman gözələ; Xəstəyəm, yalvarıram Həkimi-Loğman gözələ. Gözəl xanım cilvələnib Gözəllərin xası kimi; Görəni Məcnun eləyir Leylinin sevdası kimi; Ala gözlər şölə çəkir Göyün sürəyyası kimi; Çəpgəni hər rəng çalır, Peyğəmbər xirqası kimi; Baratdı, behişdən gəlib, Gətirib qılman gözələ. Gözəl xanım al geyinib Gözəllər xasından gözəl; Silkinir, gərdən çəkir Göllər sonasından gözəl; Libas əndamına layiq, Əndam libasından gözəl; Qabliyyət, mə'rifət tapıb Ata-anasından gözəl; Gözəlliyi cəm veribdi Xaliqi, sübhan gözələ! Qəmgin idim, xələt verdi, Məlul könlüm açdı gözəl; Arifsən, əhli-ruhsan, Can sana peşgaşdı, gözəl! Ay qabaq şö'lə verir, Qaşın göyçək qaşdı, gözəl! Nə qədər gözəl görmüşəm, Hamısından başdı Gözəl; Cavanşir gözəllərinin Cəmisi qurban Gözələ! Fələkdən Gileyliyəm Günü bizə qara verib; Mömini zəlil eyləyib, Suru günahkara verib; Tərlanı sara yazıb, Tər qönçəni xara verib; Ələsgər Məcnun olub, Meylini dağlara verib; Unudub ibadəti, Bağlayıb dastan gözələ. * * * Həcər Naqafil çıxdın qarşıma, Gözəllər sultanı, Həcər! Gəzmişəm, görməmişəm sən kimi insanı, Həcər! Dişlərin dürr dənəsi, ağzın gövhər kanı, Həcər! Ay qabaq şölə verir cahan çırağbanı, Həcər! Başında herat kəlağay, hər paltarı darayıdı; Bəşərə bənzətmək olmaz, göydə mələklər tayıdı. Turunclar baş göstərib, qoynu Behişt sarayıdı; Aşıq görüb bu dünyada Cənnəti-Rizvanı, Həcər! Ağ ipəkdən dizliyi var, köynəyini geyib sarı; Gərdənə həmayıl salıb, ətəyə düzüb mirvarı. Yaradandan istəmişəm, var əlində ixtiyarı; Sara qismət eyləməsin sən kimi tərlanı, Həcər! Gözəllərin gözüsən, sədan düşüb hər mahala; Qaşların cəllad olub, qəsd eləyir canlar ala. Mən sana "bacı" dedim, xalq düşməsin kəc xəyala; Ələsgərdən incik olma, gözlərin qurbanı, Həcər! * * * Xırdaca qız Naz ilə gəldin otağa, Leylinişan Xırdaca qız! Tovuz kimi cilvələnib, Artırdın şan, Xırdaca qız! Camalına mail olub Huri, qılman, Xırdaca qız! Səni görən cavanlarda Qalmaz iman, Xırdaca qız! Gözəlliyin binadandı, Tanıram əsli-soyunu; Səd afərin naqqaşına, Şüşədən çəkib boyunu. Allah bir vəsilə salsın, Hacı Alı tutsun toyunu; Kəsilsin xaki-payında Neçə qurban, Xırdaca qız! Ələsgərəm, tərifini Düzürəm dastana, gözəl! Eşitsin, fəxr eləsin Səni doğan ana, gözəl! Şükür haqqa, Xudam yazıb Tərlanı tərlana, gözəl! Mehdi kimi ölkəmizdə Yoxdu oğlan, Xırdaca qız! * * * Kimi Dəli Alı bir sədd açıb Şah Abbas dövranı kimi; Yanında yoldaşları var, Azərbaycan xanı kimi; Zeynalabdın bəy bəzənib Misirin sultanı kimi. Hər yana kağız dağıldı Süleyman fərmanı kimi; Yetmiş iki millət gəldi, Ərəsət divanı kimi. Neçə çinovniklər gəldi, Çox ağır keçdi yığnağı; Bir yanı Qanıq, Qavrı, Bir yanı Qoşqarın dağı. Aləm çırağban göründü, Xoddananda cıl-çırağı. Şəmkirdən düyü çəkildi, Sarıyaldan gəldi yağı; Hər yana qəftə işlədi, Xotkar bəzirganı kimi. Günün günorta vaxtında Gəldi Alının dəstəsi; Hər birisi bir iyiddi, Bir qoşunun sərkərdəsi. Gördüm, asmana dayandı “Öldürrəm”, “öldürrəm” səsi. Yaponyadan tüfəng gəlib, Yeddi ağac vurur gülləsi; Zərbindən dağlar titrəşir, Bərqin dirəxşanı kimi. İyidliyin səbəbinə Ona deyirlər “Dəli Alı”; Şücaətdə Qəhrəmandı, Loğmana bənzər kamalı. Barilahim, irəhm eylə, Pozulmasın bu calalı. Bir sərkərda camışı var, Üç sərkər da qoyun-malı; Mehtərdə qırx atın gördüm, Cəlalı türkmanı kimi. Alı kimi iyid yoxdu, Onu tək doğub anası; Süzən əldə, ətək beldə, Var iyidlik nişanası. Vallahül-əzim belədi, Açıq, sözün mərdanası. On beş gün şülən çəkildi, İşlədi aşpazxanası; Erkək yan-yana kəsildi, Minanın qurbanı kimi. Alı məclisə gələndə, Mətəl qaldım işlərinə; Atanın sərdar oğludu, Sərim qurbandı sərinə; Səxavətdə əla gördüm, Yazdım Hatəm dəftərinə; Şabaşa beşlik qızıllar Işlədi qəpik yerinə; Neçə mücrülər açıldı Sərrafın dükanı kimi. İyidlikdə yox əvəzi, “Afərin!” dedim Aslana; Dağıstan formu geyinib, Təmkini qızılbaşyana. Süzən tüfəng cingildəyir, Patronu səyrişir qana. Koroğlu tək nərə çəkir, Coşub girəndə meydana; Tüf dağıdır, ordu pozur Qüdrətin aslanı kimi. Ata, baba iyiddilər, Bəyənmişəm əsli-zatın; Doğruluğun səbəbinə Mövlam veribdi baratın; Əli kəmərbəstəsidi, Cəm eyləyib hər büsatın. Fürsəti düşmənə verməz, Əldən qoymaz ehtiyatın; Kəpəzdə ovun gözləyir, Alvızın* tərlanı kimi. Cəfər ağa bir iyiddi Girəndə meydan içinə; Yalavıyır şimşək kimi, Bələnir al qan içinə; Zərrəcə gəlməz eyninə, Düşsə yüz düşman içinə; İsgəndər tək səddi çıxıb Yeddi Dağıstan içinə; Şəninə dastan yazıram Rüstəmin dastanı kimi. İçlərində bir seyid var, Onlara rəhbər kimidi. O ki Məşədi Məhəmməddi, Bir nər oğlu nər kimidi. Qızılhacılı Allahverdi Maliki-Əjdər kimidi. Min yaşasın Ismayılı, Nərəsi Heydər kimidi; Xəşbulaqda meydan açdı Koroğlu meydanı kimi. Orucu çox bəyənmişəm, Məhəbbətin var Qəfərə; Qasımı mərdana gördüm, Vəsfini yazdım dəftərə. O kişilik, o səltənət Halal olsun İsgəndərə; Unudub dünya cifəsin, Tabe olub peyğəmbərə; İbadəti var məscidin Qareyi-Quranı kimi. Beş min manat nağd yığıldı, Dalda qalanın bilmədim; Yüz erkək-öyəc kəsildi, Toğlunun sanın bilmədim. Xərcindən bərxurd olmadım, Nəfin, ziyanın bilmədim; Nisyə qalan xələtlərin Doğru, yalanın bilmədim; Nağdıdan mətləbim verdi Kişi kərəm kanı kimi. Biçarə Aşıq Ələsgər, Gəldin, getdin, hər nə isə; Haqq səni sərraf yaradıb, Qiymət qoy yaxşıya, pisə; Tat oğlu, Bala Məşədi – Onlar gələndə məclisə; Hamıdan çox pul verdilər, Qızıl ilə dolu kisə; Aşıqlar güzəran tapdı Bəylər güzəranı kimi. * * * Malades Mərhəba, namxuda, Afərin, əhsən, malades! Cahanda yoxdu tayın, Dünyada təksən, malades! Həmi ağsan, həmi çağsan, Həmi də köksən, malades! Xudam səni xoş yaradıb, Belə göyçəksən, malades! Hurilər padişahı, Nazlı mələksən, malades! Mən sana qurban olum, Ay səri sevdalı gözəl! Ləblərin şəhdi-şəkər, Misli beçə balı, gözəl! Qüdrətdən nəqş olunub Zənəxdanın xalı, gözəl! Zərrəcə gəlməz eyninə Bu dünyanın malı, gözəl! Gözü tox, könlü təmiz, Özünə bəysən, malades! Aşıq Ələsgər deyər, Bu duruşun xan kimidi. “Xan” deyib, səhv olmuşam, Huriyü qılman kimidi. Qabliyyət, mərifətin, Kamalın Loğman kimidi. Məclisdə dolanmağın Alıcı tərlan kimidi; Hansı evə qədəm qoysan Qızıl dirəksən, malades! * * * Mələk Mən səni bənzətmişəm Huriyə, qılmana, Mələk! Baxışın canlar alır, Qəmzən səkir qana, Mələk! Qaşın qüdrətdən çəkilib, Oxşayır kamana, Mələk! Xalının bir dənəsin Vermərəm cahana, Mələk! Üzün görüb ayrı düşən Qalar yana-yana, Mələk! Geyinib əndamına Əbrü ətlaz, alı gözəl; Xara don, zərin nimtənə, Başındakı şalı gözəl; Bəxtəvər gümüş kəmər Qucur qəddi-qalı gözəl; Qulağında qızıl sırğa, Zənəxdanda xalı gözəl; Qılıbsan hüsnün şamına Sən məni pərvana, Mələk! Gözəlin məclisində Şirin söhbət, saz dolanır; Hüsndən könüllərə Bahar keçir, yaz dolanır; Süzür, gəlir səkə-səkə, Sanki, quba-qaz dolanır; Qaşında, kirpiyində Işvə, qəmzə, naz dolanır; Gözləri cəllada dönüb, Qəsd eləyir cana Mələk. Gözəllər dəstə-dəstə Qulluğuna sana gəlir; Ağa, rəiyyət, bəy, gədə Əmrinə, fərmana gəlir; Aşıq, alim, molla, seyid Dad çəkir, amana gəlir; Dəlilər dəxil düşür, Mərizlər Loğmana gəlir; Xəstədi, Ələsgəri Sən yetir dərmana, Mələk! * * * Nədi Kalvayı, fəhm elə, gər, Bu gələn insandı, nədi?! Ay qabaq şölə verir, Mehri-dirəxşandı, nədi?! Titrəşir var əndamı, Dərdlərə dərmandı, nədi?! Gözləri canım alır, Afəti-dövrandı, nədi?! Huridimi, pəridimi, Mələkdi, qılmandı, nədi?! Göz gördü, könül sevdi Gözlərinin alasını; Gül görsə, xəcil olar Yanağınıın lalasını; Getmə gözüm önündən, Alım boyun bəlasını. Xəstə içsə dirili Ləbinin piyalasını; Şirəsi abi-həyat, Şərbəti-Loğmandı, nədi?! Dünya təbdil olubdu, Gözəl biilqar görünür. Açılıb mərmər sinə, Aləmə aşkar görünür; Örtməynən sən üstünü, Dünya mana dar görünür; Qoynundu gülşən bağı, Bir cüt qoşa nar görünür; Ey Xudaya, sirr qaldım, Cənnəti-Rizvandı, nədi?! Bu simi-zənəxdanın Mirvarı xallarına bax; Bərq verir büllur buxaq, Savalanın qarına bax; Çarxı dönmüş fələyin Sən kəc irəftarına bax: Fəhm eylə, diqqət ilə Özünə bax, yarına bax; Çəkilib dal-qaməti Sərvi-xuramandı, nədi?! Həzərat, haqqa baxın, Qəlbdən ehsan eləyin; Mənim bu dərdi-dilimi Dostlara əyan eləyin; Ölürəm, mən xəstənin Dərdinə dərman eləyin; Aparın Ələsgəri, Payında* qurban eləyin; Bimürvət, bəlkə, baxa, Deyə: “Bu qurbandı, nədi?!” Payında - Ayağının altında. * * * Pişik Dad! Siçanın əlindən Yetişmişik cana, pişik! Dünyanı bizdən ötəri Döndərib zindana, pişik! Dağıdıb kəndliləri, Dadanıb yaxtana, pişik! Doğrayıb zər libası, Eləyib əfsana, pişik! Alagöz gəlinləri Qoyub yana-yana, pişik! Birisi boz dikqulaq, Birisi qonur, balaca; Dərmə-qayıq farmaşın Hər yanından açıb baca; Bez ilə irəftardı, Qumaş ilə düşüb ləcə; Harda görsə zər, ziba, Istifa, tirmə, alaca; Biləsən, nə hal kəsir Döşəyə, yorğana, pişik! Nə qədər əlləşirəm, Bu məluna yoxdu çara; Gündüzlər pünhan olur, Gecələr çıxır aşkara; Çırağı yandıranda, Qaçır, soxulur divara; Dağıdıb quyuları, Indi daraşıb anbara; Müxtəsər, ruzumuzu Döndəribdi qana, pişik! O gödək zalimü fasiq Belə bir azar elədi; Aləmə gen dünyanı Bizdən ötrü dar elədi; Hamı dərddən ziyada Bu dərd mana kar elədi: Dəldi yağ dərilərin, Xumları murdar elədi; Axşamadək evlərdə Qurulur zasdana, pişik! Bu sözləri eşidəndə, Pişik bir tufan elədi; Şeşəltdi bığlarını, Gözləri rövşan elədi; Ay qaranlıq gecədə Yüz dəfə cövlan elədi; Qisasa qisas aldı, Bir qana yüz qan elədi; Gördüm, on səkkizini Düzübdü yan-yana pişik. Yatmadım sübhə kimi, Mən baxdım qilü-qalına; Öyrənib xəsyətini, Bələd olmuşam halına, Ədəb ilə əyləşibsən, Səd afərin kamalına. Aləmin padişahı Dəstini çəkib dalına; Qaynağın poladlanıb, Dönübsən aslana, pişik! Mən səni iyid bildim, Verdim aran-dağı sana; Alaçığı, ağ çadırı Eyvanı, otağı sana. Müxtəsəri, vəssalam, Budu sözün sağı sana: Gözəllər əsirgəməsin Pendiri, qaymağı sana; Yeyəsən nəmilərdə, Dönəsən sultana, pişik! Xanım xələt bağışladı, Ələsgər yazdı dəftərə; Göndərərəm tüllablara, Məlum olsun hər şəhərə; Iyiddi, ölməyincə Arxasını qoymaz yerə. Pristav qubernata, Qubernat yazsın sərdərə; İnşallah, nişan verər Sana divanxana, pişik! * * * Şah dağı Aləmdə dastan olub səddin, sorağın, Şah dağı! Açılıb nərgiz, bənövşən, əcəbdi çağın, Şah dağı! Abi-kövsər kimi axır çeşmən, bulağın, Şah dağı! Heyif ola, bu çeşmədə yoxdu bir sağın, Şah dağı! Müxənnət yaylar köysündə, pozar damağın, Şah dağı! Haqq səni cənnət yaradıb, qanan yoxdu, qədrin bilə; Sədrin badi-səfasından xəstə könlüm gəldi dilə; Mürğ tək balü-pər açdım, oxudum döndüm bülbülə; Bir gözəl keçdi qarşıdan gözlərindən gülə-gülə; Dağıtdı ömrüm qəfləsin, nə çoxdu yağın, Şah dağı! Süsən, sünbül, gül, ərğəvan köysündə laləzar verib; Alan, satan gözəllərdi, nə rəvac bazar verib; Damənin çəhar fəsildi, hər meyvə bitib, bar verib; Xudam səni çox bəyənib, bir belə ixtiyar verib; Dalın dənizə söykənib, Kürdü ayağın, Şah dağı! Bir tərəfin Çənbərəkdi, görənin həvəsi gəlir; Topaşandan qəflə işlər, Gəncənin meyvəsi gəlir; İstanbulun al qumaşı, Bağdadın xurması gəlir; Oxuyur türfə gözəllər, kəklik tək sədası gəlir; Aşıq üçün cənnət qoxur daşın, torpağın, Şah dağı! Mən gəzmişəm Qafqazyanı, haqq səni bir xəlq eləyib; Ağrı dağı padişahdı, səni vəzir xəlq eləyib; Çiçəklərin kimyədi, daşını dürr xəlq eləyib; Boyun minadan çəkilib, sərində pir xəlq eləyib; Murov, Muşov, Murğuz, Kəpəz olmaz yamağın, Şah dağı! Hansı iyid dara düşsə, nəzir deyir, yada salır; Yeddi kralın qaçağı pənahlanıb, səndə qalır; Kor gələndə, şəfa tapır, müztər gəlsə, mətləb alır; Saatda yüz çiçək açır, hər biri bir irəng çalır; Belə məlum, qüdrətdəndi Küpün, boyağın, Şah dağı! * * * Şapəri Bir saat kərəm eylə, Ərzim deyim qan, Şapəri! Gəlməyib bu cahana Sənin kimi can, Şapəri! Hüsnünə mail olar Yusifi-Kənan, Şapəri! Ya hurisən, ya pərisən, Ya da ki, Qılman, Şapəri! Xəstələr Loğmanısan, Dərdlərə dərman, Şapəri! Gəlməyib heç gözələ Bu dünyada belə nişan; Zülf bulud, qabaq ayna, Qaşlarının tağı kaman; Burun püstə, dodaq qaymaq, Ağ buxaq, qönçə dəhan; Hüsnünün zərrəsini Gördü aşıq, tapdı iman; Sənə nə bəşər deyilər, Nə də ki, insan, Şapəri! Hüsnündə qüsur yoxdu, Qeyri işində naşıyam; Boyunun sadağası, Məclisinin peşkaşıyam; Dərdin məni tez öldürər, Qoymaz dünyada yaşıyam; Oldum hicran barkeşi, Gərək qəm yükü daşıyam; Səni gördüm, əl götürdüm Evdən, əyaldan, Şapəri! Saatın xoş vaxtında Sən gəldin qabaq-qabağa; Ağlımı başdan aldın, Məcnun kimi saldın dağa; Sərraf olsa bir telini Verməz külli-Qarabağa; Şəki, Şirvan, Şamaxı Olsun boyuna sadağa; Doqquz mahal Irəvan da Gözünə qurban, Şapəri! Bu gözəl peyda olub Göyçə mahalında təzə; Görənlər mail olur Gül camala, şəhla gözə; Bir kamil mirzə gərək, Vəsfini dəftərə yaza; Bir xalın Gürcüstana, Bir xalın Çeçen-Çərkəzə; Bir xalın Dağıstana Olubdu sultan, Şapəri! Gəlməyib bu dünyaya Yəqin bilin, böylə sənəm; Üstünə nur yağacaq Hansı evə qoysa qədəm; Bilmirəm, nə xoş gündə Xəlq eləyib kani-kərəm; Bir görən həsrət çəkir, Deyir: nola, bir də görəm; Qəddinə, qamətinə Qalıblar heyran, Şapəri! Silkinir, qumrovları Zey-zey deyir, gəlir səsi; Buxağı büllurdandı, Mərmərdən ağdı sinəsi; Əynində xas güləçə, Ətəyində zər baftası; Qaməti ər-ər kimi, Əcəb yaraşır libası; Vəsfini söyləməyə Olmuşam imran, Şapəri! Aşıq Ələsgər deyər, Bir od salıbsan canıma; Açıb danışa bilmirəm Dostuma, nə düşmanıma; Qoy sərim qurban olsun Sən kimi zivər xanıma; Öldür xaki-payında, Əllərin batsın qanıma; Bəlkə, intizar getməyəm Mən bu dünyadan, Şapəri! * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.