Qoşmalar Aşıq Ələsgər (1821–1926) A bivəfa A bivəfa, a bimürvət, nainsaf, Keçən günlər heç yadına gəlməzmi?! Yoxsa unudubsan əhd-peymanı, Leyli Məcnununu yada salmazmı?! Ayrılıq bizlərə oldu müqərrəm, Hicrandan ciyərim bağladı vərəm. Quldan xəta gələr, ağadan kərəm, Məşuq aşiqinə kərəm qılmazmı?! Ələsgərəm, düşdüm eldən avara, Axtardım, dərdimə olmadı çara. Bir iyidin əli yetməsə yara, Qocalıb, başına küllər olmazmı?! * * * Allahın adı ilə İbtidada “əlif” – Allah, “Be” – birliyə dəlalətdi. “Te” – təkdi vahidi-yekta, Arif bu elmə bələddi. “Se” – sabitdi doğru yola, “Cim” – ucadı, bax calala, “He” – mehribandı halala, Münkir ondan xəcalətdi. “Xe” – birdi xaliqi-əkbər, “Dal” – doğru doqquz fələklər, “Zal” – zikr eylə dildə əzbər, “Re” – rəsulumuz Əhməddi. “Ze” – zəbanı aç xudaya, “Sin” – salam et, getməz zaya, “Şin” – şövq elə o mövlaya, Qeyri söhbət məsiyətdi. “Sad” – səbri şahi-heydərə, “Zad” – zərbin vurdu Əntərə, “Ta” – tərif çıxdı göylərə, Ağam kani-şücaətdi. “Za” – zülm edəcək düşmənə, “Eyn” – həyati-çeşmanə, “Ğeyn” – ğül-ğüli-dövranə, “Fe” – fəna, “qaf” – qiyamətdi. “Kaf” – “kun” ilə tutub qərar, “Lam” – lal, necə hesab verər, “Mim” – möminə yol göstərər, Ismi-paki Məhəmməddi. “Nun” – nida eylər hər zaman, “He” – hamıya yetər fərman, “Vav” – vay deyər, yatma, oyan, Sanma səhni-zərafətdi. “Lam – əlifla” – birdi Allah, “Ye” – yekdi adil padişah. Ələsgər, tutduğun günah Bağışlansa, çox hörmətdi. * * * Arasında Təzə aşnalıqla köhnə dostluğun Fərqi var qış ilə yaz arasında. Namərddə qaydadı: kəsər basdığın, Hər kəs hesab çəksin öz arasında. Qüdrətdən ucalan zülm ilə enməz, Haqdan yanan çıraq bad ilə sönməz. Dost dostdan inciyər, qəlbində dönməz, Olar bir az ərki naz arasında. Ələsgərəm, qəmü-möhnətdi yüküm, Fil çəkməz bu dərdi, mən necə çəkim?! Haqq ilə nahaqqı axtaran hakim Tapar qulaq ilə göz arasında. * * * Ay nədən oldu -bağlama-qıfılbənd*** Yerin, göyün, ərşin, kürsün, insanın Künhü, bünövrəsi ay nədən oldu? Yeri göydən, göyü yerdən kim seçdi? Hikmətin dəryası ay nədən oldu? Yeddi qat göy nə növ ilə quruldu? Neçə qəndil, neçə sütün vuruldu? Sən kimsən, mən kiməm kimdən soruldu? Ustadlar ustası ay nədən oldu? Nədən loh yarandı, nədəndi qələm? Neçə hüruf o məclisdə oldu cəm? Aləmi-ərvahda qurulan ələm Ayəsi, şüqqəsi ay nədən oldu? Mansırın toxmağı, İsrafil suru, Kəbənin Zəm-zəmi, Musanın Turu, Nitqimin guyası, didəmin nuru, Sərimin sevdası ay nədən oldu? Yazıq Ələsgərəm, intizarım var, Alimsənsə, məni eylə xəbərdar: Elmi hardan tapdı cümlə aşıqlar? Şeri-müəmması ay nədən oldu? * * * Bax-bax Şəriət oxuyan, təriqət bilən, Haqlıq eyləyirsən, haqq dinə bax-bax! Qalmayıb dünyada “mənəm” deyənlər, Həzrət Süleymanın taxtına bax-bax! Oxuduğun Quran hardadı, hanı?! Hansı yola dəvət edir insanı?! Salıbsan zindana gözəl bir canı, İqbalına bax, bax, baxtına bax, bax! Ələsgərin könlü geyib qaralar, Şəfa bulmur qəlbindəki yaralar. Qoca səfa sürər, gözəl saralar, Tarixinə bax, bax, vaxtına bax, bax! * * * “Bəli”, - deyib yol-ərkana gəlmişəm “Bəli”, - deyib yol-ərkana gəlmişəm, Nəqş olub sinəmdə eşqin kitabı. Çeşmi-nübüvvətə aşiq olmuşam, Bir suala verrəm yüz min cavabı. Gövhər sözüm məclislərdə yayılı, Arif ondan mətləb qanıb ayılı. İbadət eyləyən mömin sayılı, Səxavətin ondan çoxdu savabı. Haqdı sözüm, yetirəsən isbata, Yemə riba, meyl eləmə qiybata. Şəriətdə haramdı zina-ləffata, Ondan bəd yazırlar xəmri-şərabı. Xaliqindən utan, məndən utanma, Şəcərətil-mövti heç səhl sanma. Miyata qail ol, qafil dolanma, Haqdı mizan, Sirat, qəbir əzabı. Əgər zərrə qalsa xümsün, zəkatın, Hərgiz qəbul olmaz sovmü səlatın. Haqq yanında möhr olunmaz baratın, Salarlar boynuna odda tənabı. Dəyəndə yarpağa, səslənər guşun, Fəhm eylə, cəm olsa idrakü huşun. Sürüldü karvanın, köçdü tay-tuşun, Fərmani-qüdrətin budu xitabı. Aldanma dünyanın bu fənasına, Gül olmaz gövhərli xəzanasına. Özün yetir şahın astanasına, Dərdlərə dərmandı, dərin turabı. Yazıq Ələsgərəm, zarü binəva, Elə iş tut, olsun dərdinə dava. Aldanıbsan nəfsə, tapıbsan hava, Dərk eləyib qanmayıbsan hesabı. * * * Bəyistan Dodağın qönçədi, dişlərin sədəf, Qaşların qüdrətdən qara, Bəyistan! Gəl, elə süzdürmə ala gözləri, Vurma ürəyimə yara, Bəyistan! Eşq əhliyəm, dərd çəkməkdən üzülləm, Nəsildən nəcibsən, əslini billəm, Bir saat camalın görməsəm ölləm, Görsəm də yanaram nara, Bəyistan! Qəza-qədər məni kəc dolandırar, Sevəni sevəndən tez usandırar. Bülbül özün oda vurar, yandırar, Qönçə meylin versə xara, Bəyistan! Ələsgərəm, doğru yoldan azmaram, Hərcayı gözələ tərif yazmaram, Yüz il keçsə, əlim səndən üzmərəm, Çəksələr dilimdən dara, Bəyistan! * * * Bəylərin Arif məclisində vəsfin eylərəm, Var yanımda amanatı Bəylərin. Atadan, babadan çörək sahibi, Mərdanədi əsli, zatı Bəylərin. Elə ki, yetişdim mən otağına, Elə sandım, düşdüm cənnət bağına. Müşk, ənbər düzülüb hər bucağına, İrəflərdə cavahratı* Bəylərin. Markiz, mavzer, süzən, aynalı, berdon... Səhv düşdüm sayında, doqquzdu, ya on. Meşoğ ilə patron, qutuyla piston, Yox kimsədən ehtiyatı Bəylərin. Neçə padişahlar orda olub cəm, İki dərviş “ya Hu!” deyir dəmadəm. Səddə İsgəndərdi, səxada - Hatəm, Var evində xan büsatı Bəylərin. Canım qurban olsun belə bir dosta, Mərtəbəsi hündür, nəfsi şikəstə. Müşgüldə qalanlar gəlirlər bəstə, Qan bağlayır məslahatı Bəylərin. İbrahim tək hörmət qoyur mehmana, Heydər kimi nərə çəkir düşmana. Qələm Zülfüqar tək kəsir hər yana, Evlər yıxır “zarafatı” Bəylərin. Coş edən dərya tək möc verir təbi, Məddahi-mövladı, budu səbəbi. Firəng, rusi, farsi, türki, ərəbi – Beş dil ilə var savadı Bəylərin. Ələsgər ərz etsin, sən mətləbi qan, Olmaz bu təmkində nə sultan, nə xan. Fağra mərhəmətli, dosta mehriban, Yaxşı keçər qiyamatı Bəylərin. * * * Bilə Abbasdan Heydərə şikayətim var, Göyüş təsdiq edə, hər mahal bilə. İyid cavanlıqda dəli gərəkdi, Qocaldıqca mərfət tapa, hal bilə. Ağıldan nöqsanlı, kamaldan azam, Haçan olsa, Göy Aşıqdan mən sazam. Istəyirəm, sana bir dastan yazam, Qubernat eşidə, yaranal bilə. Yazıq Ələsgərəm, abdal olmuşam, Seçilib cövhərdən zülal olmuşam, Sən ağ çalsan, mən də göy çal olmuşam, Lazımdı ki, çalın qədrin çal bilə. * * * Üç şey Bu dünyada üç şey başa bəladı: Yaman oğul, yaman arvad, yaman at. İstəyirsən qurtarasan əlindən, Birin boşla, birin boşa, birin sat. Ov keçdi bərədən ata bilməzsən, Uçdu getdi əldən, tuta bilməzsən, Yerisən yüyürsən çata bilməzsən, Görürsən ki baxtın yatdı, sən də yat. Qılma Ələsgəri məhrumu - didar, Tərəhhüm et mənə bir busə ey yar! Üç həriflə ismin eylədin aşkar; Biri kafdı, biri lamdi, biri sat. * * * "Can" desin Yaradan yaradıb külli-aləmi, Arif olan bu fərmana “can” desin. Yeddi yer, yeddi göy, yeddi də damu, Səkkiz Cənnəti-Rizvana “can” desin. On iki aya qərar qoyub – bir ildi, Altısı müttəsil, çox mötədildi, Üçü bəddi, həmrah olmaq müşgüldü, Qəsd eylər qovğaya, qana “can” desin. Novruzda bahara deyərlər “bəli”, Gah kamala yetər, gah olar dəli. Gün vuranda, güneylərdən sel gəli, Qüzey istər, zimistana “can” desin. Yazın bir ayında xoş keçsə illər, Zoğ verib rişədən, açılar güllər. Qışın zəmhəririn çəkən bülbüllər Şeyda olsun, gülüstana “can” desin. Kükrər dağlar, bir-birindən deyini, Seçmək olmaz gədasını, bəyini. Fərvərdində səbzə libas geyini, Göydən yağan ağ neysana “can” desin. Aranda qalanlar meyl eylər bağa, Isti vurar, bürkü dolar otağa. Bəzənər gözəllər, çıxar yaylağa, Mənzilgahlar ol mehmana “can” desin. Yaylaq müntəzirdi, yolların gözlər, Boyun əyər bənövşələr, nərgizlər. Çeşməyə yetəndə gəlinlər, qızlar, Göllərdə çalxanan sona “can” desin. Olar gözəllərin əhdi-peymanı, Alaçıq qurulcaq, kəsər qurbanı. Ələsgər şəninə desin dastanı, Fəxr eləsin, doğan ana “can” desin. * * * Çəkirsən Müxənnət zamana, bimürvət fələk, Şamı sübhə, sübhü şama çəkirsən. Ləhzədə açırsan min cürə kələk, Gah pozursan, gah nizama çəkirsən. Çox həsrətlər görmür öz kimsəsini, Vaya döndərirsən şadlıq bəhsini, Tərəqqi-tənəzzül kəmənçəsini, Gah zilləyib, gah da bəmə çəkirsən. Rəhimsən, kərimsən, ədlü ədalət, Könüldən xəbərdar, hər dilə bələd. Seyiddən, molladan, dostdan xəcalət, Bu nə dağdı, sən sinəmə çəkirsən?! Səksən il qurğuna qıldım tamaşa, Səndə bir etibar görmədim, haşa... Heç kəs dövran sürüb çıxmadı başa, Əkməz kotan kimi xama çəkirsən. Bərhəm olsun təqdir, pozulsun yazı! Bu qurğuya heç kəs olmaz irazı; Eşşəyə çullayıb əbrü ətlazı, Köhlən deyin, şahlıq dama çəkirsən. Arpadan incikdim, bitmədi gəndüm, Darıyla dareqan heç deyil fəndim, Candan bezdim, öz-özümdən iyrəndim, Axırımı nə həngama çəkirsən?! Ələsgər qəlbinə saldın işığı, Məclislər zinəti, el yaraşığı, Əzizliklə saxladığın aşığı Zəlilliklə intiqama çəkirsən. * * * Çəkmiyə İnsan payız ölə, yazda dirilə Zimistanda boran-qarı çəkmiyə. Günü-gündən işi düşər müşgülə, Hər kəs namus, qeyrət, arı çəkmiyə. İncik olma qoca aşığın yaşından, Vaqif ol könlünün eşq ataşından. Bülbül gül yolunda keçər başından, Əgər gül köysünə xarı çəkmiyə. Eşq ucundan tapdı xatalar məni, Qul deyə həbəşdə satalar məni, Qoyub top ağzına, atalar məni, Bəlkə, canım bu azarı çəkmiyə. Xəstə könül gəzir bu təmənnada, Möminlər pənahı, sən yetiş dada! Mərd iyidə ölüm haqdı dünyada, Yoxsul olub, ahü zarı çəkmiyə. Ələsgər, dəstini üzmə damandan, İstə mətləbini sahib-zamandan. Məhəmməd ümməti çıxmaz zindandan, Ta ki ağam Zülfüqarı çəkmiyə. * * * Çərşənbə günündə, çeşmə başında Çərşənbə günündə, çeşmə başında Gözüm bir alagöz xanıma düşdü. Atdı müjgan oxun keçdi sinəmdən, Cadu qəmzələri qanıma düşdü. İşarət eylədim dərdimi bildi, Gördüm həm gözəldi, həm əhli-dildi, Başını buladı, gözündən güldü, Güləndə qadası canıma düşdü. Ələsgərəm hər elmdən halıyam, Gözəl, sən təbibsən, mən yaralıyam, Dedi nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü. * * * Dağıtsın O cəllad qaşların qəhri, qəzəbi Qəsd eylər cismimdən canı dağıtsın. Gözün talan salar Azərbaycana, Dilin istər, Alosmanı dağıtsın. Sürahi gərdənli, qəddi mötədil, Zəbərcəd kəlməli, misali-bülbül. Allahı sevərsən, bircə danış, gül, Dərdi, qəmi, bu sevdanı dağıtsın. Uruhum, cismanım, nəbzim, həyatım, Zinətim, zivərim, adım, isbatım. Lisanından gəlməyəndə baratım, Naləm istər bu dünyanı dağıtsın. Ələsgərəm, yandım, aman, əl-aman! Belə mürvət olmaz, ay qaşı kaman! Hər kim dostdan dosta qandırsa yaman, Tufanasın kərəm kanı dağıtsın! * * * Dağlar 1 Bahar fəsli, yaz ayları gələndə, Süsənli, sünbüllü, lalalı dağlar, Yoxsulu, ərbabı, şahı, gədanı, Tutmaz bir-birindən aralı dağlar. Xəstə üçün təpəsində qar olur, Hər cür çiçək açır, laləzar olur, Çeşməsindən abi-həyat car olur, Dağıdır möhnəti, məlalı dağlar. Yazın bir ayıdı çox yaxşı çağın, Kəsilməz çeşməndən gözəl yığnağın, Axtarma motalın, yağın, qaymağın... Zənbur çiçəyindən bal alı, dağlar! Yayın əvvəlində dönərsən xana, Son ayda bənzərsən yetkin bostana, Payızın zəhməri qoyur virana, Dağıdar üstündən calalı, dağlar! Gahdan çiskin tökər, gah duman eylər, Gah gəlib-gedəni peşiman eylər, Gahdan qeyzə gələr, nahaq qan eylər, Dinşəməz haramı, halalı dağlar. Ağ xələt bürünər, zərnişan geyməz, Heç kəsi dindirib keyfinə dəyməz, Sərdara söz deməz, şaha baş əyməz, Qüdrətdən səngərli, qalalı dağlar. Köçər ellər, düşər səndən aralı, Firqətindən gül-nərgizin saralı, Ələsgər Məcnuntək yardan yaralı, Gəzər səndə dərdli, nalalı, dağlar! Ərbab - burada: varlı, dövlətli. Gəda - fəqir, dilənçi. Abi-həyat - dirilik suyu. Möhnət - burada: həsrət. Məlal - kədər, qəm. Zənbur - arı. Zəhmər - şaxta, burada: dəhşət. Qeyz - acıq, hirs, qəzəb, hiddət. Dinşəməz - ayırmaz, fərq qoymaz. Zərnişan - zərlə işlənmiş (parça) Firqət - ayrılıq. * * * Dağlar Bir ay yarım nobahardan keçəndə, Car olur köksündən sellərin, dağlar! Çalxanır sonalar, çığrışır qazlar, Zəm-zəm zümzüməli göllərin, dağlar! Hanı mən gördüyüm qurğu-büsatlar!? Dərdməndlər görsə, tez bağrı çatlar; Mələşmir sürülər, kişnəşmir atlar, Niyə pərişandı halların, dağlar?! Hanı bu yaylaqda yaylayan ellər!? Görəndə gözümdən car oldu sellər. Seyr etmir köksündə türfə gözəllər, Sancılmır buxağa gullərin, dağlar! Hanı mərd iyidlər, boş qalıb yurdu!?' Səxavətdə Eldar nur-alə-nurdu. Erkək kəsib, ağır məclis qururdu, Şülən çəkilirdi malların, dağlar! Gözəllər çeşməndən götürmür abı, Dad verə dəhanda Kövsər şərabı. Xaçpərəstlə düşdü Bund inqilabı, Onunçün bağlandı yolların, dağlar! Sarınərdən top-tüfəngin atılı(r), Qısır Murğuz Şah-dağına çatılı(r). Bir əmliyin bir tümənə satılı(r), Xəzəl olu(r) yenə pülların, dağlar! Kəpəz, Murov, Qonur - gör neçə dağ var… Üstünə nur yağsın, ay dəli Qoşqar! Yayın ort(a) ayında yağdırırsan qar, Səf çəkib üstündə salların, dağlar! Elə ki, şər gəldi, qaraltdı qaşı, Dumana qərq olur dağların başı. Düşəndə gürg ilə kəlbin savaşı, Uzun çəkir qi(y)lü-qalların, dağlar! Halıyam Eldarın var cümləsindən, Gecə yatmır bir-birinin bəhsindən. İyid nə'rəsindən, güllə səsindən Dəyməmiş tökülür kalların, dağlar! Həsənnənə, Həsənbaba qoşadı, Xaşbulaq yaylağı xoş tamaşadı. Arsız aşıq elsiz niyə yaşadı, Ölsün Ələsgərtək qulların, dağlar! * * * Dayanmaz Könlümün şüşəsi, saqın ki, sınar, Toxunarsa ayna daşa, dayanmaz. Əl dəyməmiş yaraların sızıldar, Vursan sinəm üstə maşa, dayanmaz. Xəstə könlü istər narı görəndə, Çaşır ağlım-huşum yarı görəndə. Bülbül gül üstündə xarı görəndə Qan ağlar, ruxsarı yaşa dayanmaz. Ələsgər də nazlı vara qul ola, Yanıb cismi ataşına kül ola. Canı çıxar dərd ürəkdə bol ola, Qəm qalxıb başından aşa, dayanmaz. * * * Dəli Alı Gün kimi aləmi tutubdu adı, İyidlər sultanı, xanı Dəli Alı. Pirim – Şahi-Mərdan verib muradı, Artırıb şövkəti, şanı Dəli Alı. Götürüb süzəni, minəndə ata, Fələk “Əhsən!” deyir boya, büsata. Nərə çəkib təpinəndə saldata, Sel kimi axıdar qanı Dəli Alı. Namərdlər əlindən çəkirlər haşa, Namuslu iyidsən, səni yüz yaşa! Tüfəngin gülləsi işləyir daşa, Tək qaytarır yüz düşmanı Dəli Alı. Dərs alıbdı o, Əliyyi-əladan, Xof eyləmir Xeybər kimi qaladan. Gəzən zəlzələdən, yaman bəladan Hifz eyləsin kərəm kanı, Dəli Alı! Məclisində duran canlar sağ olsun! Həmişə məclisdə bu damağ olsun! Sərdar bağışlasın, üzün ağ olsun! Sən sürəsən bu dövranı, Dəli Alı! Ələsgərin toy işi var əlində, İşi təhər tapıb Göyçə elində. Sənin kimi mərd iyidin yolunda Qurbandı aşığın canı, Dəli Alı! * * * Dəyməmiş Dad sənin əlindən, a qanlı fələk, Könül həsrət qaldı yara dəyməmiş. Köhnə yaram qövr eylədi təzədən, Təbib neştər vurdu yara dəyməmiş. Gözüm qaldı “əlif”, “bey”də, “yasin”də, Yaradanım, kömək eylə ya sində. Qaldım səməndər tək qəm dəryasında, Yandı balü pərim nara dəyməmiş. Ələsgər, üsyanın çıxıbdı sandan, Öldürsən zənburu, əl çəkməz şandan. Hərcayıdan, müxənnəsdən, nadandan, Nə söz qaldı sənətkara dəyməmiş. * * * Dolanır Axşam-sabah, çeşmə, sənin başına Bilirsənmi, necə canlar dolanır!? Büllur buxaq, lalə yanaq, ay qabaq, Şahmar zülfü pərişanlar dolanır. Afərin xudanın haqqı-sayına!.. Camalları bənzər bayram ayına, Belə gözəllərin xaki-payına Mənim kimi çox qurbanlar dolanır. Gördüm gözəlliyin bizə bildirir, Qaş oynadır, xəstə könlüm güldürür, İşvəyü nazıyla adam öldürür, Qəmzəsində nahaq qanlar dolanır. Məni qoca gördü, ürbəndin açdı, Ala gözlərinə gözüm sataşdı, Huş başımdan getdi, xəyalım çaşdı, Mürği-ruhum asimanlar dolanır. Adım Ələsgərdir, Göyçə - mahalım, Dolanım başına, mən dərdin alım, Hüsnün şöləsinə xəstə xəyalım Pərvanədi, şəmistanlar dolanır. * * * Dolansın Gərdəninə neçə şahmar dolanıb, Könül istər, o şahmara dolansın. Ərzim alıb, iltimasım tutmasan, Məcnun olsun, bu dağlara dolansın. Bəyənmişəm xəsyətini, halını, Yaradan bol verib huş-kamalını, Sən Allah, gizlətmə mah camalını, Şöləsinə, qoy, füqara dolansın! Bal ki bahalandı, qırıldı arı, Yağ satanlar mala saldı azarı, Min manata qaldırdılar onları, Nə gün çıxsın, nə sitara dolansın! Dad sənin əlindən, çarxı-kəcmədar! Ürəyimdə yüz dərmansız yaram var; Aşıq – dəyirmançı, ağa – çarvadar, Sərraf gəlsin bu bazara, dolansın! Zalım cəllad nə giribdi qəsdinə; Xəbər verin övladına, dostuna. Şahlar şahı sayə salsın üstünə, Ələsgər tək baxtı qara dolansın! * * * Döndü, nə döndü Çarx dolandı, baxtım tapdı tənəzzül, İqbalım şikara döndü, nə döndü! “Can” deyən dostlarım, şux gözəllərim Ovsunalmaz mara döndü, nə döndü! Fərhad gördü, sevdi Şirin camalın, Şirin dost əlindən şirin cam alın. Şirincə dövlətin, şirincə malın Axırı zəhrimara döndü, nə döndü! Dad sənin əlindən, çarxı-kəcmədar, Günüm qara keçdi, işim ahü zar. Hay verrəm, qıy vurram, eyləmir şikar, Tərlan baxtım sara döndü, nə döndü! Qəza-qədərinə fəhm eylə, bir gül, Tərəqqidən təvəllüddü tənəzzül. Muşriki göndərdi hakimi-adil, Şümr sitəmkara döndü, nə döndü! Bu dərd qaldı Ələsgərin canında, Haqq-nahaqq seçilər haqq divanında. Gövhər zibil oldu nadan yanında, Dünya mana tara döndü, nə döndü! * * * Dönübdü Fələyin qəhrindən, el töhmətindən, Dərdim artıb bir ümmana dönübdü. Dostun firqətindən, yar həsrətindən, Bahar mana zimistana dönübdü. Eşqin girdabında düşmüşəm ləngə, Torbakeşlər tənə qılır peşəngə. Gürbə şirə dönüb, muşlar pələngə, Bəqə qızıb kərgədana dönübdü. Arif, bu sözləri fikr eylə dərin, Artırma dərdini sən Ələsgərin. Qiblənüma məhəbbəti dilbərin, Meyli bizdən qeyri yana dönübdü. * * * Dönübdü A bimürvət, axı səndən ötəri Ah çəkməkdən bağrım qana dönübdü. Qədd əyilib, gül irəngim saralıb, Xəzan dəymiş gülüstana dönübdü. Dindirirəm, danışmırsan, gülmürsən, Xəbər alıb ev halını bilmirsən, Endiribən məclisimə gəlmirsən, Yoxsa, taxtın Süleymana dönübdü?! Dal gərdəndə siyah zülfün hörübsən, İnkar eyləməynən, ilqar veribsən. Yazıq Ələsgərdən üz döndəribsən, Ya baxt yatıb, ya zamana dönübdü. * * * Dünyada Qafil dilim, bu nə yoldu tutubsan, Sərf edirsən nə kamaldı dünyada. Dövlətə güvənib, gül tək açılma, Çox sənin tək güllər soldu dünyada. Kibridən qəlbində bərkitmə barı, Top dəyər, dağılar bürcü, hasarı, Yüz sənin tək ahu gəzən şahmarı, Fələk kəməndinə saldı dünyada. Guşumda sırğadı, sinəmdə dağdı, Ağıllı unutmaz, necə ki sağdı: Dövlətdən qismətin beş arşın ağdı, Çəkdiyin qovğadı, qaldı dünyada. Fələk bərhəm edib çox nizamları: Söndürüb zülm ilə yanan şamları. Hayıf cavanların gül əndamları, Mara-mura qismət oldu dünyada. Yığılar məxluqat, qurular məhşər, Boyunlarda kəfən, əllərdə dəftər, Onda vay halına, yazıq Ələsgər, Özün getdin, sözün qaldı dünyada. * * * Dürdanəni səngi-siyah içində Dürdanəni səngi-siyah içində Həsrət gözüm görən kimi tanıdı. Könül bivəfadı, heç salmır yada, Göz doymur, gözünün mehribanıdı. Yanaqları güldü, olubdu xəndan, Cismidə mələkdi, nəsildə – insan. Simi-zənəxdandı, mirvari-dəndan, İnnabi ləbləri can dərmanıdı. Adım Ələsgərdi, əslim Göyçəli, Ələst aləmində demişəm “bəli!”. Həm aşiqəm, həm dərvişəm, həm dəli, Canım gözəllərin yol qurbanıdı. * * * Düşmüşəm Hərcayının, dilbilməzin ucundan Dönə-dönə nə ziyana düşmüşəm. Doymaq olmaz gözəllərin boyundan, Pərvanə tək yana-yana düşmüşəm. Dövlətim çox oldu, qıymadım pula, Kor oldu gözlərim, yapışdım dula. Nə ölür, nə itir, canım qurtula, Məcnun kimi biyabana düşmüşəm. Ələsgərəm, incimişəm yarımdan, Aləm yatmaz mənim ahü zarımdan. Boşasam, qorxuram oğlanlarımdan, Boşaya bilmirəm, qana düşmüşəm. * * * Eylə Yeri, göyü, ərşi, kürsü yaradan, Adil padişahsan, ədalət eylə. Könlümün nöqtəsin çıxart qaradan, Məni doğru yola dəlalət eylə. Bir bəlaya düşdüm, candan usandım, Heç kəsə demədim, ürəkdən yandım. Bir təmiz ad ilə ellər dolandım, Nə “çor” deyən oldu, nə “qələt eylə”. Qəddim əyib qəm xirqəsin geyirəm, Məhəbbət odundan taam yeyirəm. Leylü-nəhar “ya hu!”, “ya hu!” deyirəm, Çıxıbdı qəlbimdən “ibadət eylə”. Nə bəlaya düşdüm mən baxtı qara, Eşqin ataşına heç olmaz çara. Qalmışam zindanda aciz, avara, Günahkar, sərgərdan, xəcalət eylə. Xəstə könül, sürün dost irahına, İslam sərdarına, din pənahına. Ələsgər, yön çevir şahlar şahına, Yapış ətəyindən şikayət eylə. * * * Eyləməynən Nəfs ilə mərifət durab cahada, Mərfət deyir: – Belə kar eyləməynən! Nəfs deyir: – Baxma naqqal sözünə, Xeyrin gələn yerdə ar eyləməynən! – Günahkardı nə ki yoldan azan var, İki mələk – xeyir-şəri yazan var. Nəkreyin var, Qıl körpü var, qazan var, Rövşən yollarını tar eyləməynən! – Zimistan çəkmişəm, yeni yaz olub, Üzüm gözəllərə payəndaz olub, Sözüm bəyənilib, işim saz olub, Sən Allah, siftəmi kor eyləməynən! – Haqq bizə göndərib dəlili-ayət, Oruc tut, namaz qıl, eylə ibadət, Mehdi divanında olma xəcalət, Məhşərdə yerini nar eyləməynən! – Sən müztərsən, lovğa-lovğa danışma, Belə sualları məndən soruşma, Nə xeyrimə, nə şərimə qarışma, Qarışsan, çıx, yeri dar eyləməynən! * * * Eyləmişəm Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm, Ah-vayınan günüm keçib dünyada, Dərd alıb, qəm satıb, nəf eyləmişəm. Səndən ayrı şad olmuram, gülmürəm, Canımdan bezmişəm, ölə bilmirəm, Nə müddətdi qulluğuna gəlmirəm; Bağışla təqsirim, səf eyləmişəm. Həsrət qoyma gözü gözə, amandı! Yandı bağrım, döndü közə, amandı! Keçən sözü çəkmə üzə, amandı! Hədyan danışmışam, laf eyləmişəm, İnsafdımı, gülə həmdəm xar ola? Tülək tərlan ovlağında sar ola? Ələsgər istəyir bir bazar ola, Seçmişəm gövhəri, saf eyləmişəm. * * * Eylər "Can" deməklə candan can əskik olmaz, Məhəbbət artırar, mehriban eylər. "Çor" deyənin nəfi nədi dünyada, Abad könlü yıxar, pərişan eylər. Nakəs adam danışıqda saz olar, Kərəmdən kəm, səxavətdən az olar. Nütfədən qarışan şeyitbaz olar, Mərd də sığışdırmaz, nahaq qan eylər. Bir gün Mansır qalxar, gələr toxmaq-yay, Dağları atmağa eylər haqq-say. Seçilməz məhşərdə nə şah, nə gəday, Xaliqi-ləmyəzəl haqq divan eylər. Məzəmmət eyləmə mən binəvanı, Sahibi-səltənət, ey gövhər kanı. Mənim sözüm yoldan çıxan mollanı, İnşallah, qaytarar, müsəlman eylər. Mən istərəm, alim, mömin yüz ola, Meyli haqqa doğru, yolu düz ola, Diliylə zəbanı üzbəüz ola, Ələsgər yolunda can qurban eylər. * * * Əvəzdi Gözəllər sultanı, ay Səlbi xanım, Sallanışın bir mahala əvəzdi. Gözlərinə qiymət qoya bilmirəm, Qaşın min tümənlik mala əvəzdi. Sürahi gərdənli, qəddi mötədil, Səni gül yaradıb Cabbari-Cəlil. Ləblərin şirəsi Abi-Səlsəbil, Ləzzəti dünyada bala əvəzdi. Ələsgərin ağlın aldın sərindən, Saf gövhərsən, sərraf seçib dərindən. Sən bir gülsən gülüstanın tərindən, Demək olmaz sana lala əvəzdi. * * * Gedibdi Eşidin, məclisdə arif olanlar, Sərrafam, gövhərim, kanım gedibdi. Ah çəkibən yar yoluna baxmaqdan, Yəqin bilin, yarı canım gedibdi. Nazik barmaqlıdı, şümşad əllidi, Ayna qabaqlıdı, siyah tellidi, Şəkər söhbətlidi, şirin dillidi, Tuti kimi xoş zəbanım gedibdi. Müddətdi, gözümdən olubdu iraq, Əridib cismimi dərdü qəm, fəraq. Büllur buxaq, lalə yanaq, ay qabaq, Ala gözlü Səhnəbanım gedibdi. İş sana ağahdı, qadir Ilahi! Eşq əlindən itirmişəm irahı. Ələsgərəm, budu sözün kütahı: Yar gedəli din-imanım gedibdi. * * * Getmə göz önündən, ay Şəkər xanım Getmə göz önündən, ay Şəkər xanım, Könül mayıl olub o qələm qaşa. Gəl, əyləş məclisdə, sən mənim canım! Mən saz çalım, sən də eylə tamaşa. Mən aşığam, yasaq yoxdu dilimə, Şükr eylərəm haqdan gələn zülümə. Sənin kimi gözəl keçməz əlimə, Yüz il gəzsəm bu dünyanı baş-başa. Gözəllər sultanı, mələklər xanı, Qaytarmazlar pirə gələn qurbanı. Öldür Ələsgəri, qurtarsın canı, Vay xəbərin göndər qohum-qardaşa. * * * Getmə, amandı Gözəllər sultanı, mələklər şahı, Alagöz cananım, getmə, amandı! Dərdindən xəstəyəm, çəkirəm ahı, Həkimim, loğmanım, getmə, amandı! Camalın göyçəkdi bayram ayından, Görən doymaz qamətindən, boyundan. Layiq deyil qurban kəsim qoyundan, Sana qurban canım, getmə, amandı! Mən sana nə deyim, ay mina gərdən?! Kəsmə məhəbbətin, gəl, Ələsgərdən. Günahkar qulunam, salma nəzərdən, Kərəmli sultanım, getmə, amandı! * * * Gəlibdi Allahverdi neylər dünya malını, Vəsf edər Göyçəni – öz mahalını, Yaxın dostlar Ağ Aşığın halını, Sormaq üçün Kərkibaşa gəlibdi. * * * Gərəkdir Aşıq olub, tərki-vətən olanın, Əvvəl, başda pür kamalı gərəkdi. Oturub-durmaqda ədəbin bilə, Mə'rifət elmində dolu gərəkdi. Xalqa həqiqətdən mətləb qandıra, Şeytanı öldürə, nəfsin yandıra, El içində pak otura, pak dura, Dalısınca xoş sədalı gərəkdi. Danışdığı sözün qiymətin bilə, Kəlməsindən ləlü gövhər süzülə, Məcazi danışa, məcazi gülə, Tamam sözü müəmmalı gərəkdi. Arif ola, eyham ilə söz qana, Naməhrəmdən şərm eyləyə, utana, Saat kimi meyli haqqa dolana, Doğru qəlbi, doğru yolu gərəkdi. Ələsgər haqq sözün isbatın verə, Əməlin mələklər yaza dəftərə. Hər yanı istəsə, baxanda görə, Təriqətdə bu sevdalı gərəkdi. * * * Gördüm Gedirdim güzarım düşdü bulağa, Ovçu bərəsində maralı gördüm. Yatır, inildəyir, durub boylanır, Bir neçə yerindən yaralı gördüm. Zalım ovçu onu alıb nişana, Dəlib ürəyini, boyayıb qana, Yıxılıb çevrilir o yan bu yana, Kəsilibdi səbri, qəralı gördüm. Təbib olsam, yaraların bağlaram, Sinən üstün düyünlərəm, dağlaram, Ələsgərəm o səbəbdən ağlaram, Ananı baladan aralı gördüm. * * * Görmədim Bivəfanın,müxənnəsin, nakəsin, Doğru sözün, düz ilqarın görmədim. Namərdin dünyada çox çəkdim bəhsin Namusun, qeyrətin, arın görmədim. Namərdi özümə mən dost eylədim, Yolunda canıma çox qəsd eylədim. Söyütdən bağ saldım, peyvəst eylədim Almasın, heyvasın, barın görmədim. Nəfs aldatdı, hər yetənə xan dedim, Bihuda kollara gülüstan dedim, Əbəs yerə bivəfaya can dedim, Zəhmətin çox çəkdim, karın görmədim. Huşum çaşdı, düşdüm olmaz oyuna, Yetmədim gözəlin əsli soyuna, Aşiq oldum simasına, boyuna, Hayıf ki, kamalda dərin görmədim. Ələsgər, elmində olma nabələd, Doğru söylə, sözün çıxmasın qələt. Şahiddə iman yox, bəydə ədalət, Qazıların düz bazarın görmədim. * * * Görürsənmi oğrun baxan gözəli Görürsənmi oğrun baxan gözəli, Tərlan kimi necə cilvələnibdi?! Öz nurundan xəlq eyləyib ilahi, Gözləri qüdrətdən sürmələnibdi. Xoş saatda xoş gəlibdi cahana, Yoxdu gözəlliyə qüsur, bəhana, Qənd əzilib dilə, dişə, dəhana, Qaymaq dodaqlara bal bələnibdi. Ələsgər qurbandı belə gəlinə, Sona kimi cumub eşqin gölünə, Gümüş kəmər xub yaraşır belinə Yaxası qızıldan düymələnibdi. * * * Gözəldi Ey şeyx, incik olma Yaxşı xanımdan, Arif olan hər insana gözəldi. Göz baxanda könül doymur zalımdan, İstəyirsən məni qına, gözəldi. Ruhun təzələnsin görəndə gərək, Sən onun könlündə, o səndə gərək. Haqqa şükür qılsın hər bəndə gərək, Kim nə deyir bu dövrana, gözəldi. Çox baxıbsan, sənin gözün doyubdu, Ələsgərin ciyərini oyubdu. Çəkən çəkib, hər nişanın qoyubdu, Xub yaraşır zinət ona, gözəldi. * * * Gözəllər Gözüm gördü, könlüm qəmdən ayıldı, Çıxdınız qarşıma dəstə, gözəllər! Camalın şöləsi nuri-təcəlla, Görsə şəfa tapar xəstə, gözəllər! Qəmgin idim, sizi görüb gülürəm, Qaşınız qiblədi, səcdə qılıram. İkram ilə sizə sarı gəlirəm, Siz də gəlin asta-asta, gözəllər! Minəş Günə bənzər, Əsli bir Aya, Şəms olub, aləmə salıbdı saya. İncimərəm, qəsəm olsun xudaya, Qədəm bassa gözüm üstə gözəllər. Sizi gördüm, çaşdı ağlım, kamalım, Güllüyə qurbandı dövlətim, malım. Olmayaydı bir qocalıq, bir ölüm, Yaşayaydı bu həvəsdə gözəllər! Pərzad məlakədi, Gövhər bir xanım, Görən kimi getdi dinim, imanım. Yazıq Ələsgərəm, sərgərdan canım, Qurban sizin kimi dosta, gözəllər! * * * Güləndam Səni gördüm, əl götürdüm dünyadan, Ala gözlü, qələm qaşlı Güləndam! Alma yanağını, ay qabağını Görən kimi ağlım çaşdı, Güləndam! Tovuz kimi şux bəzənib durubsan, Ala gözə siyah sürmə vurubsan. Sağ ol səni, yaxşı dövran qurubsan, Bu dünyanın sonu puçdu, Güləndam! Heç demirsən, Ələsgərim hardadı? Səbəb nədi, gülün meyli xardadı?! Mənim gözüm sənin kimi yardadı, Hər cəfası mana xoşdu, Güləndam! * * * Güllü Tovuz kimi qalxdın çeşmə başından, Cəmi gözəllərin gözəli Güllü! Almadı yanağın, büllur buxağın, Dodaqların meyli, məzəli, Güllü! Qıya baxdın, məni saldın zillətə, Yusif kimi necə düşdüm qürbətə. Hicran qəmi məni salıb möhnətə, Səni gördüm, dərdim azalı, Güllü! Ələsgər qurbandı, ay boyu minə, İncidən, mərcandan düzüb köysünə. Tərsa üzün görsə, tez gələr dinə, Alim görsə, gedər saz alı, Güllü! * * * Gülpəri Tanrı səni qüdrətindən yaradıb, Gözəlliyinə yox bəhana, Gülpəri! Dodaqların batıb bala, qaymağa, Qənd əzilib dil-dəhana, Gülpəri! * * * Hayıfsan! Danışdıq, barışdıq mərhəmət ilə, İnciklik araya qatma, hayıfsan! Sən tacir olmazsan bir manat ilə, Namusu, qeyrəti atma, hayıfsan! Mövlam məni nəzərindən salmayıb, Huşum cəmdi, ağlım heç azalmayıb. Fani dünya Süleymana qalmayıb, Oyan bu qəflətdən, yatma, hayıfsan! Siz təlaş eylərsiz iynə-biz ilə Bizim barat gəlib-gedir yüz ilə. Əyri ol əyriylə, düz ol düz ilə, Hər yetəni sən aldatma, hayıfsan! Düşəndə məclisə, ağır yığnağa, Bizə hörmət qoyur irəncbər, ağa... Söz uzansa, həcv çıxar qurşağa, Sözün dalın çox uzatma, hayıfsan! Qəsəm olsun xudkeşlərin sərinə, Yalan söz iyidi salar dərinə. Köhnə dağarcığı tumaş yerinə Aşıq Ələsgərə satma, hayıfsan! * * * Xoş gəldin Tərlan tamaşalı, maral baxışlı, Qədəm qoyub asta-asta, xoş gəldin! Yolun sadağası can ilə başdı, Qurban sənin kimi dosta, xoş gəldin! Biz ki, ilqar keçirmişik aradan, Amin desən, tez düzəldər yaradan, Könlüm yasdan çıxdı, qəlbim qaradan, Gülə-gülə bu həvəsdə, xoş gəldin! Gözəllər sultanı, ay mələkzadə, Özün kimi gözəl yoxdu dünyada, Sən ki Ələsgəri salıbsan yada, O səbəbdən gözüm üstə, xoş gəldin! * * * Xurşid Camalın şöləsi nuri-təcəlla, Çırağban eyləyib mahalı, Xurşid! Açıldı niqabın ay qabağından, Aldı başdan ağlı, kamalı, Xurşid! Sərv kimi isığal verib anası, Guşunda güşvara, qızıl tanası. Bağçalar bülbülü, göllər sonası, Dağların ceyranı, maralı Xurşid. Sağdışı Mələkdi, var toy-büsatı, Anası Nazənin, Həmzədi zatı. Ələsgərəm, bu cür qızın qiymatı Min tümən başlıqdı, bahalı Xurşid. * * * PƏNC Alİ-ƏBA İbtida "əlif"dən dərsin almışam, Ələst aləmində demişəm "bəli", Həqiqətdən iki gözəl sevmişəm, Birisi Mühəmməd, birisi Əli. Əlidən dərs aldım eylədim əzbər, Ərşin sütunudur yerlərə ləngər, Fatimeyi-Zəhra, şafeyi-məhşər, Onun seçdim gözəllərin gözəli. Həsən Əl- müctəbda çoxdur şövkəti, Ərşin güşvarəsi, göyün zinəti, Məhşər günü darda qoymaz hümməti, Əsğər qucağında şah Hüseyn gəli. Xəliqi-ləmyəzəl vahid əl-yektay, Qüdrətindən kamal verib mənə pay, Oxu"əlif", "ğeyn"i, eylə haqqı-say, Arif seçər əbcəd ilə cəm əli. Günahım dəryadı, özüm qanmışam, Tutduğum işlərdən çox utanmışam, Püşti-pənahına daldalanmışam, Adım Ələsgərdi, əslim - göyçəli. * * * İçində On səkkiz min aləm, yetmiş iki dil, Ülfət qılır bir bazarın içində. Kimi ətlaz geyir, tirmə qurşayır, Kimi üryan gəzir qarın içində. Qafılsan, işindən tapmayıbsan baş, Üz döndərər səndən qohum, yar, yoldaş, Torpaq soyuq, bədən üryan, kəfən yaş, Tək qalarsan dar məzarın içində. Demək nə lazımdı, özün bilirsən, Bir gün yaranırsan, bir gün ölürsən. Arsız-qəmsiz nə gününə gülürsən?! Yandırarlar səni narın içində. Ələsgər söyləsin, sən mətləbi qan, Belə qərar qoyub qadiri-sübhan: Unutma ilqarı, itirmə iman, İman durar düz ilqarın içində. * * * İmamlar “Bismillahir-rəhmanir-rəhim!” – deyib, Sidq ilə çağırram Şahi-Heydəri. Xişmə gəlib, bir əlində götürdü Səksən min batmanlıq dəri-Xeybəri. Həsən əl-müctəba aləmə rəhbər, Hüseyni-şəhiddi şafeyi-məhşər, İmam Zeynalabdın dilimdə əzbər, Qoyma darda mən zəlilü müztəri! Məhəmməd Bağıra var iltimasım, İmam Cəfərə bağlamışam xilasım, Borcluya zamindi Museyi-Kazım, Qurtarıbdı dardan çox zəlilləri. Qərib imam Rza – Xorasan şahı, Sidq ilə çağıran heç çəkməz ahı. Məhəmməd Tağıdı aləm pənahı, Ona qurban dedim bu canü səri. Əliyyən Nağıdı aləmdə əla, Bir səri min dərdə olub mübtəla. Istəyirsən, müşgül işin həll ola, Sidqi-dillə çağır Həsən Əsğəri. Mehdinin şəninə gəlibdi ayat, Isminə möminlər verir salavat. Yovmi-ərəsətdə etmə xəcalət, Yandırma odlara qul Ələsgəri! * * * İncimərəm İstər dara çəkdir, istər qul eylə, Qoymuşam əmrinə qol, incimərəm. Həsrətindən Məcnun oldum səhrada, Alırsan canımı al, incimərəm. Firqətindən saralıban solanam, İzin versən, yar, başına dolanam, Əlli yol çapılam, yüz yol talanam, Bir şey deyil dövlət-mal incimərəm. Ələsgərəm, yandım eşq ataşında, Gözüm qaldı kirpiyində, qaşında. Qazdır məzarımı çeşmə başında, Sal sinəm üstündən yol, incimərəm. * * * İtibdi Müxənnət zamana, ay kəcirəftar, Sitəmdən necə canlar itibdi?! Zülümünü nümayan eylədin aşkar, Qurğular pozulub, sanlar itibdi. Şər işdən nə tapdın, söyləsən, qanam, Necoldu büsatım, dəmim, dəmxanam?! Tülkü havalanıb, deyir aslanam, Tüf dağıdan ac aslanlar itibdi. Müxənnət meydanda “mənəm” deyibdi, Bu dərd Ələsgərin qəddin əyibdi. Yapalaqlar kəklik alıb yeyibdi, Laçın ölüb, o tərlanlar itibdi. * * * Kamil ovçu ölməyincə usanmaz Kamil ovçu ölməyincə usanmaz, Əldən qoymaz belə sərxoş maralı. Eşq oduna düşən aşkara yanmaz, Pünhan-pünhan mənim kimi saralı. Öldürsələr, qorxum yoxdu qanımdan, Yolunda durmuşam başu canımnan. Tərk oldum vətəndən, xanimanımdan, İnsaf deyil, gəzmə məndən aralı. Aşıq Ələsgərəm, söylənir adım, Budu ürəyimdə mətləb-muradım: Sənin ərin ölsün, mənim arvadım, İkimiz də qalaq yaslı, yaralı. * * * Çəkmiyə Nagah badi-sərsər əsdi üzümə, Ömür bostaiımın tağı kəsildi. Öz əlimdən xəta dəydi gözümə, Bədəndən qolumun sağı kəsildi. Qəza tutdu, kədər məni budadı, Ağlatdı dostları, güldürdü yadı, Zəhirmara döndü ağzımın dadı, Əlimdə şərbətim ağı kəsildi. Könlüm yasdan çıxmır, qəlbim qaradan, Bu dərdü möhnətdən, bu macəradan. Dövlət getdi, hörmət qalxdı aradan, Qapımızdan dost ayağı kəsildi. Müqərrərdi, qaçmaq olmaz ölümdən, Fələyin qılıncı dəydi belimdən, Bir tülək tərlanım getdi əlimdən, Ürəyimin bəndi, bağı kəsildi. Çox qaçdım qəzadan, olmadı çara, Bir vurmuşdu, bir də vurdu dübara, Çinovniklər istədilər qurtara, Dostlarım özümə yağı kəsildi. Qul Ələsgər, işin müşgüldü, müşgül,. Dərdini deməyə yoxdu əhli-dil. Döy başına, fəğan eylə müttəsil, Daha deyib-gülmək çağı kəsildi. * * * Kimi Adı Tərlan, özü tərlan balası, Cilvələnib tərlan tavarı kimi. Üzün görən xəstə düşər müttəsil, Turuncun novrəstə nubarı kimi. Qabaq ayna – çəkilibdi varağa, Dodaq qaymaq, gül yapışıb yanağa. Dolanır gözləri canlar almağa, Şölə salır xanlıq fənarı kimi. Bu gözəl Zeynəbin nışanasıdı, Ləbləri qırxların peymanasıdı, Dəhanı şahlığın xəzanasıdı, Düzülüb dəndanı mirvari kimi. Mələklər şahidi, gözəl sərvəri, Xəstəyə dərmandı buxağın təri. Camalını görən olur müştəri, Misirdə Yusifin bazarı kimi. Ələsgər gəlibdi əcəb yığnağa, Şəki, Şirvan bir telinə sadağa. Necə zinət verib eyvan, otağa, Ətri qoxur Bağdad baharı kimi. * * * Köynəyinə Güləbətin qıyı tər sinən üstə, Nə gözəl yaraşır, qız, köynəyinə. Sinən Kəbə, köynək Kəbə örtüyü, İzin versən, sürtəm üz köynəyinə. Gözəl yaranıbsan qalu bəladan, Yanağın göyçəkdi güldən, laladan. Zərgər gül doğrasın zərin tiladan, Əlindən gəldikcə düz köynəyinə. Ələsgər də dost yolunda sürünür, Sinən üstə dərdə dərman görünür. O köynəyə nar məmələr bürünür, Onçu qurban olluq biz köynəyinə. * * * Qabaqda Şəhrin şöləsindən buldum bələdi, Xoş gəldi xoşuma halı qabaqda. Pir mana göstərdi şah məqamını, Gördüm cəmdi çox calalı qabaqda. Neçə taxt qurulub nuri-münəvvər, Neçəsi zəbərcəd, neçəsi gövhər! Sağda, solda səf-səf yerir mələklər, "Ya hu!", "ya hu!" deyir qulu qabaqda. "Ya hu!", – deyib, bir-birinə uydular, "Ya mən hu!" deyəndə taam qoydular, Cümlə məxluq yemədilər, doydular, Qaldı məcməyilər dolu qabaqda. Neçə sirri gördüm, sirr qaldım aşkar, Səxavət əhlini yandırmadı nar. Salavatla işlər hər dükan, bazar, Zay oldu dünyanın malı qabaqda. Dünyada əl çəkmə sövmü-səlatdan, Təmiz ver, qalmasın xümsü-zəkatdan. Ələsgər, xof etmə puli-Siratdan, İrəhbərdi Cənab Əli qabaqda. * * * Qalmadı “Allah, Məhəmməd, Əli!” deyənlər, Pozuldu qurğular, mizan qalmadı. Zamana bəd gəldi, insan bic oldu, Seyiddə, mollada iman qalmadı. Yığılın danışaq, qəlyan çəkənlər, Bostan becərənlər, şitil əkənlər. Ananov kağıza tütün bükənlər, Qurtardı tənbəki, saman qalmadı. Necoldu Serbiya, Çornuqoriya?! Əl-ayaq altında itdi Italya. German bir bom atdı, qan oldu dərya, Qırıldı, dünyada insan qalmadı. Bağlanıb zavodlar, kəsilib qəndlər, Qaynamır samavar, artıbdı dərdlər. Niyə ağlamasın yazıq övrətlər, Söküldü döşəklər, yorğan qalmadı. Kül başına, iki arvad alanlar, Öz evinə qüli-qalı salanlar . . . . . . . . . . . . . . . . . Kəsildi bərəkət, ayran qalmadı. * * * Qanan ola Can qurban eyləsən, layıqdı, layıq, Bir yar ki, mətləbi tez qanan ola. İşarətlə, qaş-göz ilə anlaya, Nəinki deməklə söz qanan ola. Canım qurban olsun o əhli-dilə, Qaşların oynada, gözündən gülə, Dilin tərpənməmiş dərdini bilə, Qurbanam gözünə, göz qanan ola. Belə yar yetirə baxtın kövkəbi, Dəsti qana ürəkdəki mətləbi. Nə lazım dil deyib, tərpətmək ləbi, Nə keçsə könlündən düz qanan ola. Ələsgər söyləyər söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin. Eşidənlər deyə “əhsən”, “afərin”, Əgər məclisində yüz qanan ola. * * * Qaşların Ay nazənin, ay qabağın altından Nə göyçək çəkilib qara qaşların! Gözlərin süzüldü, canım üzüldü, Vurdu ürəyimə yara qaşların. Əslin mələk, cismin huri, qılmandı, Camalın şoxundan ciyərim yandı. Zülümkardı, çox nainsaf divandı, Rəhm eləmir günahkara qaşların. Gözlərin görənin canını alır, Həsrətini çəkən vaxtsız qocalır. Sərdarı, sultanı taxtından salır, Bərhəm vurur ürüzgara qaşların. Gözüm qaldı hilal qaşın tağında, Məcnun oldum, qaldım Leyli dağında. Yazıq Ələsgəri qoca çağında, Zülm ilə çəkdirir dara qaşların. * * * Qıjhaqıj Hər kəsin qəsdindən aşıqlıq keçir, Qarşı gəlsin edək cəngi qıjhaqıj. Dəli könül dərya təki çalxanır, Qeyzə gəlir səs ahəngi qıjhaqıj. Hər kəs istər qana aşıq sirrini, Axtarsın dayazı, gəzsin dərini. Qeyli-qala salan aşiq sərini, Siyah çalar qızıl rəngi qıjhaqıj. Ələsgərin qəddi Sinaya yetər, Dərs alanlar gedər sinaya yetər. Əzrail qəsd eylər, sinaya yetər, Can alar dəstində cəngi qıjhaqıj. * * * Qırmızı Yanağı qırmızı, irəngi ağdı, Çırağban eyləyib ağı qırmızı. Ala gözlərinə gözüm sataşdı, Əridi ürəyimin yağı qırmızı. Qüdrətdən çəkilib qaməti-şahbaz, Mərnus dizlik geyib, çəpgəni atlaz, Buxaq düymələnib kağızdan bəyaz, Mərcan düzüb boyunbağı qırmızı. Sərrafam, gövhəri, kanı itirdim. Dəftəri, hesabı, sanı itirdim. Üzün gördüm, din-imanı itirdim, Çəkdi sinəm üstə dağı qırmızı. Ələsgərin meyli ondan üzülməz, Əgər ayrı düşsə, şad olub gülməz, Xəstə düşər, ölməsə də, dirilməz, Müxtəsəri, sözün sağı, qırmızı. * * * Qoca baxtım Nə sevda tapıbsan, nəyə talıbsan? Hansı qəflətdəsən, gəl, qoca baxtım! Ya məndən küsübsən, ya qocalıbsan, Bu sınıq könlümü al, qoca baxtım! Çəkilib pünhana deyirsən: "Sən döz!" Qiyamət odundan pisdi tənə söz. Gümüşüm tunc oldu, zəri zibam bez, Qəlp çıxır aldığım mal, qoca baxtım! Özüm aşıq oldum, oğlum gülləçi, Bildim ki, qalacaq dövlətin üçü. Qırıldı mal-qoyun, qalmadı keçi, İndi də yıxılıb kal, qoca baxtım! Mərdan şirə çəkib, daşdan keçərdin, Dəryalardan ləlü gövhər seçərdin, Pərvazlanıb Qafdan – Qafa uçardın, Keçən günü yada sal, qoca baxtım! Təqdir üçün yaxşı deyil bu adət: Gah çox sevir, gah eyləyir xəcalət. İyidlər at vermir,gözəllər xələt, Gəlmir tənbəkiynən bal, qoca baxtım! Səksəni, doxsanı çecibdir yaşım, Əzrayıl həmdəmim, məzar yoldaşım, Gor deyə tərpənir bəlalı başım. Daha köç təblini çal, qoca baxtım! Ələsgər kəsilib səbrü aramdan, Oxlayıbsan, qanlar axır yaramdan. Haqq ilə qıl sövdə, əl çək haramdan, Halaldan mətləbin al, qoca baxtım! * * * Mənəm Ağıldan kəm, huşdan çaşqın, dildən küt, Naqabil, kəlməsi bisəmər mənəm. Məcnun kimi viranələr küncündə Sərgərdan, səhrayi-qələndər mənəm. İbadət vaxtında müşgül hal oldum, İblis əməlində pürkamal oldum, Qəza vurdu, sin içində lal oldum, Hər sözü dillərdə bir dəftər mənəm. Sənətim məsiyət, yoxdu savabı, Nəkreyinə dilim tutmaz cavabı, Ədalət hakimin payi-turabı, Kamil ustadlara qul kəmtər mənəm. Dolandım bihudə, gəzdim əfsana, Tabe oldum nəfsə, uydum şeytana, Xeyir əməlim yoxdu mərdü mərdana, Günahkar, günahkar, günahkar mənəm. Dünyanın cifəsi aldatdı məni, Unutdum üqbanı, tutdum dünyanı, Bağışla təqsirim, ya kərəm kanı, İrəhm eylə, yazıq Ələsgər mənəm! * * * Məni Xədd ağardı, isbat oldu qocalıq, Bəyənmir gəlinlər, qızlar da məni. İqbal üz döndərib, baxtım yatıbdı, Gör necə qoyubdu düzlərdə məni! Layiq deyil qəmzə sata yar yara, Sərraf yoxdu, dərdim çəkəm bazara. Məcnun kimi necə qoydu avara Tanrı burda səni, bizlərdə məni. Yazıq Ələsgərdən dönüb üzləri, Dost yad olub, yada salmır bizləri. Bivəfa gözəlin tənə sözləri Yandırdı odlarda, közlərdə məni. * * * Mənim Suludin, firudin* dilim əzbəri, Oxusam, xoş gələr avazım mənim. Qünut, rükum, bir də səcdəm səhv olsa, Neyləsəm, səhihdi namazım mənim. Günahkardı nə ki yoldan azan var, İki mələk – xeyir-şəri yazan var, Ərəsət var, Qıl körpü var, qazan var, Orda qəbul olsun niyazım mənim. Ələsgərə şərü böhtan deyənlər, Şeytana qul olub, riba yeyənlər, Zəkatsız dövlətə halal deyənlər, Onlardan halaldı bu sazım mənim. * * * Mənim Bilmirəm ki, nə bəlalı qul oldum, Əzəl qara gəldi iqbalım mənim. Nə zaman ki, nəzərimə sataşır, İtir ağlım, huşum, kamalım mənim. Əsli-Kərəm kimi mən oda yandım, Eşqə düşdüm, öz canımdan usandım, Bimürvətin atəşinə qalandım, Bir soruşan yoxdu əhvalım mənim. Siyah zülfün dal gərdəndə hörəsən, Əl uzadıb, qönçə gülün dərəsən. İstəsən ki, Ələsgəri görəsən, Göyçə mahalıdı mahalım mənim. * * * Məscidin Nabələddim, mən oldum sənə bələd, Kantardan rast oldu yolu Məscidin. Qasım otağıdır hər bir hücrəsi, Behiştin bağıdır dalı Məscidin. Ədalət zənciri çəkilib ərşdən, Hüseynalı xanı getsin behiştə, Pənah xan da gərək olsun bu işdə, Vurulub Irana teli Məscidin. Mərmərdən kərpici, çindən suvağı, Həzrət Xızıra badə verdi saqi, Hazır oldu imam Məhəmməd Tağı, Çarhovuz üstündə gülü Məscidin. Qüsur yoxdur Məhəmmədin dilində, Quranında, ayəsində, dinində, Mömin ağlar Aşuranın günündə, Abi-leysan olub seli Məscidin. Qul Ələsgər deyər, Abbasqulu xan, Sakinim Göyçədir, bilginən pünhan, Sənə kömək olsun qadiri-sultan, Dörd yerdən qurşanıb beli Məscidin. * * * Müşgünaz Sübhün çağı mah camalın görəndə, Xəstə könlüm gəldi saza, Müşgünaz! Sona tək silkinib, gərdən çəkəndə, Bənzəyirsən quya, qaza, Müşgünaz! Camalın görəndə, aya bənzəyir, Sallanışın Züleyxaya bənzəyir, Qabaq ayna, qaşın yaya bənzəyir, Qiymət yoxdu ala gözə, Müşgünaz! Dörd tərəfin bənövşəli bağ olsun! Həmişə yediyin bal-qaymağ olsun! Sağ-solunda qardaşların sağ olsun! Corabları yaxşı bəzə, Müşgünaz! Könül qəmgin, ürək dərdli, vərəmli, Səni gördüm səxavətli, kərəmli. Bir mirzə lazımdı əli qələmli, Mən deyəm, vəsfini yaza, Müşgünaz! Ötkün sözüm, kəskin baxtım olaydı, Ağ otağım, zərrin raxtım olaydı. Ələsgərəm, cavan vaxtım olaydı, Qəddim əyib qəhri-qəza, Müşgünaz! * * * Nə damağı var Göz gözə baxanda məhəbbət ilə, Ciyər alışmağın nə damağı var! Ortalıqda işvə, qəmzə, naz olar, Küsüb-barışmağın nə damağı var! Quşnarov tütünlə Ananov kağız, Bükə paprosunu bir növrəsiə qız, Bir o ola, bir sən, bir otaq yalqız, Deyib-danışmağın nə damağı var! Dura qulluğunda canü baş ilə, Nazü qəmzə ilə, gözü qaş ilə. Gah yalvarmaq ilə, gah savaş ilə, Köysünü açmağın nə damağı var! Könül müştaq ola xətti xalına, Məlakə şəklinə, mah camalına. Alma kimi yanağınıın alına Gözün sataşmağın nə damağı var! Ələsgər, canını, qurban elə sən, Görməyibsən, ləzzətini biləsən. Danışasan, oynayasan, güləsən, Öpüb sarmaşmağın nə damağı var! * * * Nişanası Ay ariflər, gəlin sizə söyləyim, Kəsilib üstümdən yar nişanası. Dost uzaq olmaqla könül yad olmaz, Ölüncə qəlbimdə var nişanası. Nütfədən pak olan özü pak olar, Mömindən törəyən xoşidrak olar. Əndəlib qan ağlar, zəhri çak olar, Görsə gül üstündə xar nişanası. Ələsgərəm, qərq olmuşam bu qəmə, Hədyan sözlər dağ çəkibdi sinəmə. Nakəs, müxənnətdən mətləb diləmə, Yoxdu namus, qeyrət, ar nişanası. * * * Ola Hər yetən gözələ “gözəl” demərəm, Gözəldə gərəkdi işvə-naz ola. Buxağından ətri-bənövşə gələ, Qoynu gülşən ola, bahar, yaz ola. Hər görəndə həsrət ilə sarışa, Deyə, gülə, şirin-şirin danışa, Əl dəyəndə tez-tez küsə, barışa, Ortalıqda söhbət ola, saz ola. Nə uzun, nə gödək, münasib gərək, Ağzı, burnu nazik, dodaq kip gərək, Əndam büllur, bədən güldən saf gərək, Baxtın vura, bu nişanda qız ola. Ərdən boşanmışdan bir az kənar dur, Əri ölən gözələ bax, boynunu bur, Ələsgər, torunu sən tərlana qur, Bəlkə, tora düşən bir şahbaz ola. * * * Ola bilməz Sərraf yüz bəzəsə səngi-siyahı, Əsli – mütəlladı, ləl ola bilməz. Məkəs fəqan eylər zənbur sövtilə, Künhü yox, fəmində bal ola bilməz. Qafil olma, dilim, düşmə həvəsdən, Hərcayı sözüylə incimə dostdan. Muşlar pələng olmaz, tülkülər aslan, Danalar meydanda kəl ola bilməz. Ustad dərin, kamal dərin, söz dərin, Qoydun sinəm üstə eşqin közlərin. Qabiliyyətsiz, mərifətsiz qızların Yüzü bir dərdmənd dul ola bilməz. Müddətdi həsrətəm, camalın görəm, Mətləbimi Mürtəzadan dilərəm. Müxənnəsdə səxa, nakəsdə kərəm, Namərdin cibində pul ola bilməz. Könül, doğru yoldan gəl olma kənar, Əyri yola gedən haqdan utanar. Bu, bir müəmmadı, ariflər qanar, Nadan bu elmdən hali ola bilməz. Ələsgərəm, cəm eylərəm dəftəri, Mərdlərin vəsfidi dilim əzbəri. Naxçıvan xanları, Şəril bəyləri Səxada Səmədə qul ola bilməz. * * * Olacaqdı Dedim, könül, içmə eşqin camını, İçsən, dünya sana dar olacaqdı. Ya dost olma, ya zəhmətdən incimə, Dost yolunda boran-qar olacaqdı. Aldanma dövlətə, uyma dünyaya, Halaldan kəsb eylə özünə maya. Zinakar, haramxor yetişməz baya, Dosta xain baxan kor olacaqdı. Sərgərdan qalmışam mən bu hesaba, Fələk qurğusuna əhsən, mərhəba! Novrəstə gözəllər tapmasın hava, Qönçənin həmdəmi xar olacaqdı. Hesabdarlar gələr, çəkər hesabı, Günahkarlar necə gətirər tabı!? Mizan, Sirat, sual, qəbir əzabı– Bu işlər qabaqda var, olacaqdı. Ələsgər, axtarma qüdrətin sirrin, Zülmətdə işıq var, acıda şirin. Zikr elə dilində mərdlərin pirin, Qorxma, dar günündə yar olacaqdı. * * * Olar Haqq meyi islama haram buyurub; Dərd tüğyan eyləsə, mey içmək olar. Dostun məzəmməti adam öldürür, Düşmanla söyüşüb, döyüşmək olar. İyid odu namusunu atmasın, Dost ölüncə dosta yalan satmasın. İlqarın dalınca bir baş getməsin, Onu bir qarpıza dəyişmək olar. Ələsgərəm, mən yetiyəm hər işə, Bir könül ki bir könüllə barışa, Göz gözə baxanda halın soruşa, Aləm düşman olsa, görüşmək olar. * * * Olmaz Bu dünyanı mən təcrübə eylədim, Namərd körpü salsa, onda ad olmaz. Bir mərd ilə ağı yesən – şirindi, Yüz namərdlə şəkər yesən – dad olmaz. Yadın oğlu yağlı aşa mehmandı, Dar günündə baxarsan ki, usandı, Düşən günü düşman elə düşmandı, Yüz il keçsə, qohum səndən yad olmaz. Ələsgərin sözün yetir nisaba, Sərf edənlər səbt eləsin kitaba, Heç namərdin adı gəlməz hesaba, Mərd bir olur, onda iki ad olmaz. * * * Olmaz Arif məclisində bir söz söylərəm, Nə hədyan, nə çaşqın, nə qələt olmaz. Nütfədən pak olan, loğmadan halal, Mərifət elminə nabələd olmaz. Bir söz söyləyərəm, ariflər qanar, Müxənnətlər etdiyindən utanar. Varlıqda dost olma, yoxluqda kənar, “İyidəm” deyəndə bu adət olmaz. O dünyanı, bu dünyanı gözləyən, Həm savabı, həm üsyanı gözləyən, Namus qədri bilib, nanı gözləyən, İnşallah, heç yerdə xəcalət olmaz. Bir şəxsin sənəti istəmək ola, Səxavət eyləməz, Hatəm Tey ola. Dövlət tapa, gədalıqdan bəy ola, Başı ərşə çıxsa, ədalət olmaz. Ələsgər, mətləbin Xudadan istə, Kərəm olmaz müxənnəsdə, xəsisdə. Bəylik, göylük, səylik olan məclisdə, Qaç ki, orda xeyir-bərəkət olmaz. * * * Olmaz Qabiliyyətdə, mərifətdə, kamalda Bu cahanda sənin kimi can olmaz. Camalını görən tapar imanı, Görüb ayrı düşən müsəlman olmaz. Səni görən aşiq düşməz həvəsdən, Əl götürməz bu söhbətdən, bu bəhsdən. Müxtəsəri, meylin dönsə hər kəsdən, Gözündə nur, cəsədində qan olmaz. Qüdrətdən çəkilib qaməti-şahbaz, Sən gələn yollara üzüm payəndaz. Mən ölüm, aç üzün, çox eyləmə naz, Göz gözə baxmasa, mehriban olmaz. Gözəlliyin haqq isbata yetirib, Əsmər yanağında güllər bitirib. Züleyxa təmkini səndən götürüb, Sənin tək nə mələk, nə qılman olmaz. Ələsgərəm, eşq oduna sarışdım, Firqətindən yandım, yandım, alışdım. Gizlin sirrim mən Loğmana danışdım, Sənsiz bu dərdimə heç dərman olmaz. * * * Olmaz, olmaz Aşiq olan eşqə düşər, dərd çəkər, Mənim kimi dərdi yüz olmaz, olmaz. Hər ağacdan sandal, hər yarpaqdan gül, Hər torpağın tamı duz olmaz, olmaz. Sözün yeri gəldi, qoy deyim barı, Eşidənlər məni görməsin karı; Aşığın nisyəsi, namərd ilqarı, Desələr, inanma, düz olmaz, olmaz. Zikirsiz mömini şeytan aldadar, Sayğısız iyidi düşman aldadar, Ağılsız cahili kirşan aldadar, Günü keçmiş qarı qız olmaz, olmaz. Görməmişəm öküz yeriyə yorğa, Gədadan bəy olmaz, dəlidən darğa, Suda çimmək ilə sağsağan, qarğa, Göldə silkələnib, qaz olmaz, olmaz. Ələsgər, sərrafsan, gövhəri tanı, Dosta qurban olsun düşmanın canı. Comərdin kisəsi, mərdlərin nanı, İnşallah, ölüncə az olmaz, olmaz. * * * Olmuşam Ələstü bürəbbüküm qalu bəladan Mərdin mövlasına nökər olmuşam. Sürtmüşəm üzümü xaki-payına, Elm tapıb, sinədəftər olmuşam. On bir aydı, mənim üzüm gülmədi, Qəza qəhri məndən heç üzülmədi, Yaxşı dostlar yaman gündə gəlmədi, Dost sarıdan çox mükəddər olmuşam. Baxt yatanda, qohum-qardaş yad olu, Məğrurluq eyləyən namurad olu. Bayram günü islam olan şad olu, Mən qəmgin olmaqda kafər olmuşam. Ələsgərəm, düşdüm qəza qəhrinə, Fələk top bağladı ömrüm şəhrinə, Eynim yaşı dönüb Ceyhun nəhrinə, Ağlamaqdan zarü müztər olmuşam. * * * Oynamasın Hər yetən gözələ “gözəl” demərəm, Gözəldə gərəkdi işvə-naz ola. Buxağından ətri-bənövşə gələ, Qoynu gülşən ola, bahar, yaz ola. Hər görəndə həsrətilə sarışa, Deyə, güləşirin-şirindanışa. Əldəyəndətez-tezküsə, barışa, Ortalıqdasöhbətola, sazola. Nəuzun, nə gödək, münasib gərək, Ağzı, burnunazik, dodaq kip gərək, Əndambüllur, bədən güldən saf gərək, Baxtınvura, bunişandaqızola. Ərdən boşanmışdan biraz kənardur, Əriöləngözələbax, boynunu bur. Ələsgər, torunu sən tərlana qur, Bəlkə, tora düşən bir şahbaz ola. * * * Öldürür Dərdim çoxdu, dindirməyin, həzarat! Məni bir alagöz ceyran öldürür. Qılıncsız, tüfəngsiz alır canımı, Kimsə bilmir, pünhan-pünhan öldürür. Heç bilmirəm neyləmişəm, neylərəm, Xəncər alıb, qara bağrım teylərəm, Bir canım var, yara qurban eylərəm, El desin: "Aşiq də qurban öldürür". Ələsgərəm, bir gözələ mehmanam, Ölməyincə çətin dönəm, usanam. Əzrayılı qanlı tutmasın anam, Məni bir kirpiyi peykan öldürür. * * * Peyğəmbərin meracı Aşıqlar qövlilə, arifü aqil, Dörd dəfə peyğəmbər meraca getdi. Otuz altıyla cəm olubdu on yeddi, Xəstə dilim bu yollara bələddi. Şiə məzhəbində süludin beşdi, Üç müqərrər mələk bilmədi, keçdi. Fərmani-qüdrətdən nida yetişdi: – Həbibim, nəleynin ərşə zinətdi. Hər yandan səs gəldi: “Ya Məhəmməda!” Məscidi-Əqsaya yetişdi səda. Musa ərz eylədi: “Ey bari xuda, Nə qurğu mənzilət, nə fəzilətdi?!” Haqdan peyğəmbərə yetişdi salam, Gəldi şirü birinc, qoyuldu taam, Üz tutdu dərgaha həyyi-layənam: – Yalqız taam yemək bizə əziyyətdi. Pərdeyi-hicabdan bir dəst gəldi, Taamı yedilər, almanı böldü. Nütfəsi, xilqəti, zatı gözəldi, İnan, bu sözlərim, bil, həqiqətdi. Nuri-irəhmətdən aldı dəstəmaz, Iki rəkət əda eylədi namaz. Üz tutdu dərgaha izd ilə niyaz: – Xudaya, tavaqqam səndən ümmətdi. Həbibullah mindi Irəfrəf atın, Xaliqi-ləmyəzəl verdi baratın, Bizə vacib olan sövmü salatın, Üç hissəsin qoydu, birisin gətdi. Əşrəfi-məxluqat, aləm sərvəri Oxudu təşəhhüd, qayıtdı geri. Huri, qılman, mələk, neçə min pəri... Əmr eylədi haqq, göyləri bəzətdi. Bağışlandı ümmətlərin günahı, Şadü xürrəm oldu islam pənahı. Gəldi bir arslan, tutdu irahı, Mustafa görəndə, xatəmin atdı. Yetişdi hücrəyə əzizü əzim, Şahi-Mərdan dedi: “Meracın qədim!” Göstərdi almanı, etdi təbəssüm, Buyurdu: “Hər işin sirri-qüdrətdi”. Şairin sinəsi haqq bazarıdı, Satdığı kəlmələr ləl-mirvarıdı. Alimin elmiylə helmi yarıdı, Həcvü hədyan demək nahaq söhbətdi. Yazıq Ələsgərəm, azdı kamalım, Vacibdi ki, bir ustaddan dərs alım, Dərs aldım, öyrəndim, oldu öz malım, Bizdən də ustada nəfi-rəhmətdi. * * * Pənc Ali-Əba İbtida "əlif"dən dərsim almışam, Ələst aləmində demişəm "bəli". Həqiqətdən iki gözəl sevmişəm, Birisi Məhəmməd, birisi Əli. Əlidən dərs aldım, eylədim əzbər, Ərşin sütunudu, yerlərə ləngər. Fatimeyi-Zəhra, şafeyi-məhşər, Onu seçdim gözəllərin gözəli. Həsən əl-müctəba, çoxdu şövkəti, Ərşin güşvarəsi, yerin zinəti, Məhşər günü darda qoymaz ümməti, Əsğər qucağında şah Hüseyn gəli. Xaliqi-ləmyəzəl vahid əl-yektay, Qüdrətindən kamal verib mana pay. Oxu "əlif", "ğeyn", eylə haqq-say, Arif seçər əbcəd ilə cəm əli. Günahım dəryadı, özüm qanmışam, Tutduğum işlərə çox utanmışam, Püşti-pənahına daldalanmışam, Adım Ələsgərdi, əslim – göyçəli. * * * Salamatdı Pasibanı oldum dost irahının, Soruşdum, öyrəndim, yar salamatdı. Belə məlum olur, şahlar şahının Bizə mərhəməti var, salamatdı. Çox obadan, ağır eldən keçibdi, Pələng, əjdahalı koldan keçibdi, Coşqun dərya, daşqın seldən keçibdi, Öldürməyib boran-qar, salamatdı. Çox əziyyət verib yağmur, bərfü bad, Xətrinə dəyməyib nə düşman, nə yad, Gözün aydın olsun, könlün olsun şad, Çəkməginən intizar, salamatdı. Təb dəyişib, haldan-hala dönübdü, Cilvələnib, bir marala dönübdü, Ləblərinin şəhdi bala dönübdü, Qoynundakı bir cüt nar salamatdı. Ələsgərəm, baxtı qara çək məni, Qul adına sat, bazara çək məni, Gülləynən öldürmə, dara çək məni, Dil deyir: güllədən dar salamatdı. * * * Sana qurban Bir sözüm var sana pünhan deməli, Qayıl olsan, deyim, gül sana qurban. Nə müddətdi həsrətini çəkirəm, Söyləyim, dərdimi bil, sana qurban. Cünun olduğumu hər mahal bildi, Dərd məni söylətdi, düşmanlar güldü. Bivəfa qızlardan əlim üzüldü, Eylərəm canımı, dul, sana qurban. Ələsgəri gözdən qoyma irağa, Könül tab gətirməz dərdi-fərağa. Leyli kimi vədə versən bulağa, Məcnun tək gözlərəm il, sana qurban. * * * Sarı köynək Cilvələnib, nə qarşımda durubsan, Canım sana qurban, ay sarı köynək! Mələksən, çıxıbsan cənnət bağından, Heç kim olmaz sana tay, sarı köynək! Doymaq olmaz işvə, qəmzə, nazından, Fərə kəklik kimi xoş avazından. Yel vurdu, rübəndi atdı üzündən, Elə bildim, doğdu Ay, sarı köynək! Gözəlsən, tərifin düşüb mahala, Zər kəmər yaraşır qaməti-dala. Ləb qönçə, diş inci, yanağın lala, Çəkilib qaşların yay, sarı köynək! Gərdənə yaraşır qızıl hamayıl, Görənin ağlını eyləyib zayıl. Həsrətin çəkənlər olubdu sayıl, Yığır qapılardan pay, sarı köynək! Tutu dilli, sərv boylu Salatın, Yoxmu mərhəməti bu səltənətin?! Göndər gəlsin Ələsgərin xələtin, Eyləmə əməyin zay, sarı köynək! * * * Seçilmiş Xublar məclisinə güzar eylədim, Gördüm gözəllərin xası seçilmiş. Baxdım, diqqət ilə nəzər eylədim, Gül əndamı, tər libası seçilmiş. Olum sadağası bu gözəllərin, Mərfətdə kamildi, kamalda dərin. Əsəli-müsəffadı şəhdi-ləblərin, “Əsəl” baldı, “müsəffa”sı – seçilmiş. Demə Ələsgərin ağlı zayıldı, Şəmsü qəmər mah camala mayıldı. Gözüm gördü, könlüm qəmdən ayıldı, Şikəstə qəlbimin pası seçilmiş. * * * Sənəm, gəl Səni gördüm, əl götürdüm dünyadan, Yaşıllı, zərbablı, allı Sənəm, gəl! Ovçunu görəndə maral baxışlı, Ay üzü, birçəyi, xallı Sənəm, gəl! Möhnətindən qəfil düşdüm azara, Təbibimsən, eylə dərdimə çarə, Bilsəydim gəlməzdim mən Şəvəkara, Qaymaq dodaqları ballı Sənəm, gəl! Bir üzün şəmsdir, bir üzün qəmər, Həsrətini çəkən ləbindən əmər. Guşunda sırğadır, belində kəmər, Mən bədbəxtəm, uzaq yollu Sənəm, gəl! Daraba dalından qıya baxırsan, Ələsgəri yandırırsan, yaxırsan. Müjganları sinəm üstə çaxırsan, Olmaginən qalmaqallı, Sənəm, gəl! * * * Sənsən Yüz iyirmi dörd min nəbi gəlibdi, Cəmi ənbiyanın ədədi sənsən. Sidqilə hər kim ki çağırsa səni, Zahirdə, batində mədədi sənsən. Haqq verməsə, qonşu payı pay olmaz, Doğru yola əmək çəksən, zay olmaz. Bəndədən bəndəyə bir haray olmaz, Darda qalanların səmədi sənsən. Ələsgər çağırır Əliyyül-əla, Qeyzə gəldi, zərbə vurdu Salsala. Zərbindən titrədi Xeybər tək qala, Münkirin dünyada cəlladı sənsən. * * * Şəvəkarda Salmısan sinəmə eşqin közünü, Bu yanan könlümü al Şəvəkarda. Hər kim görsə Sənəm, Telli üzünü, İnan, dilə gələr lal Şəvəkarda. Tellinin gözləri, Sənəmin xalı, Qocaldır cavanı, yandırır çalı. Qar tutacaq gədikləri, yalları, Ayna, deməginən qal Şəvəkarda. Xaliq hər kimsəni bir cür yaradır, Heç kim bilmir axır mənzil haradır. Şücaətdə qul Ələsgər qaradır, Tökülür ağzından ləl Şəvəkarda. * * * Şirindi Bir gözəl görmüşəm Çayqılışlıda, Boy-büsatı, hər növrağı şirindi. Bəstə boyu, ağ əndamı, gül üzü, Baxdıqca qaşının tağı şirindi. Həsrət baxan doymaz ay qabağından, Şahmar zülf tökülüb solu sağından. Öpən ölməz onun gül yanağından, Əmmək üçün dil-dodağı şirindi. İncik olub ulusundan, elindən, Ənkabut tək can asılır telindən. Yazıq Ələsgərə nazik əlinnən Mərhəmət eyləsə ağı, şirindi. * * * Telli Şahmar zülflərini görəndən bəri, Dərdim artıb, dönüb ümmana, Telli! Ay kimi şox salıb ayna qabağın, Çoxların eyləyib divana, Telli! Görən mail olur hər nizamına, Neçə pərvanələr yanır şamına. Yaraşır libasın gül əndamına, Mən deyirəm mərdü mərdana, Telli! Yaradan pozmasın bu növrağını, Başatan yandırsın şam-çırağını! Ala gözlərini, gül yanağını Tərsa görsə, gələr imana, Telli! Ağ buxağın işıqlıdı büllurdan, Ləblərin innabı, dəhanın dürdan, Yaradan xəlq edib bir qətrə nurdan, Düşübsən ellərə nişana, Telli! Ələsgərəm, şad olmadım dünyada, Səni gördüm, dərdim oldu ziyada. Üzün bəri döndər, ay mələkzada, Səni and verirəm peymana, Telli! * * * Töküldü Bir dili qurumuş “kaf”, “lam”, “sad” dedi, Yandı, ürəyimin yağı töküldü. Huş başımdan getdi, ağlım dağıldı, Əlimdə istəkan sağı töküldü. Abad könlüm yenə oldu tarimar, Köhnə yaralarım eylədi qabar. Qabağımda taam oldu zəhrimar, Sanasan, süfrəmə ağı töküldü. Ələsgər bağ saldı bardan ötəri, Xəstə könlü ağlar nardan ötəri. Bir gül bəsləyirdi yardan ötəri, Xəzan vurdu, gül yarpağı töküldü. * * * Ürəyimdə A bimürvət, nainsafın balası, Mən səni seçmişdim sağ ürəyimdə. Həsrət çəkdim, ortalığa qan əkdin, Qara nöqtə qoydun ağ ürəyimdə. Mərifət şərbətin içə bilmirəm, Şəriət dəryadı, keçə bilmirəm, Sirr sözüm yadlara aça bilmirəm, Qaldı qiyamətə dağ ürəyimdə. Ələsgər heç çıxmır qəm libasından, Göz doymur gözünün təmənnasından. Cəhənnəm xofundan, eşq havasından Əridi, qalmadı yağ ürəyimdə. * * * Üzün bürümə A bimürvət, həsrətini çəkməkdən Yetişmişəm cana, üzün bürümə! İllər ayrısıyıq, fürsət düşəndə Çəkilib pünhana, üzün bürümə! Yusif kimi məni saldın azara, Təbibimsən, eylə dərdimə çara, Ya buyur cəllada, ya çəkdir dara, Ya yetir dərmana, üzün bürümə! Yazıq Ələsgərəm, mən sana qurban, Xəstəyəm, dərdimə gəl eylə dərman. Sən mələkzadasan, ay huri, qılman, Gəlmişəm qurbana, üzün bürümə! * * * Vardır Rişeyi-nübüvvət, nəsli-əlaya Əysik qulun ərzi-salamı vardır. Üç yüz altmış altı gündü, qırx səkkiz həftə, On iki ayın üç əziz bayramı vardır. Beş – Pənci-Ali-Əbadı, əzimü əziz, On iki imam, çardəh məsum düzbədüz, Yüz iyirmi dörd min peyğəmbərimiz, Hər birinin ayrı məqamı vardır. Altı min altı yüz altmış altı gül, Yüz on dörd surədi Quran, yəqin bil. Altmış nisbi, otuz cüzi müttəsil, Doxsan min kəlmədə tamamı vardır. Elmi-ibadətdi əcayib Quran, On yeddi rəkətdi, on səkkiz xoş xan, Əlli bir sünnətdi, yerbəyer qılan, Məxrəci, səktəsi, iqdamı vardır. Ələsgərəm, qəmdən olmaram azad, Haqdı mizan, Sirat – puli-qiyamat. Üsyan, tüğyan, çaşqın, düşkün, bisavad... Ah çəkmək dilimdə müdamı vardır. * * * Varıymış Nələr gördüm, gəşt elədim dünyanı, Hər bir işin qeylü-qalı varıymış. Yaxşı günün olurmuşsa yamanı, Yaman günün yaxşı halı varıymış. Haqq sözə gərəkdi, düz qiymət olsun, Qiyməti verməyə mərifət olsun. İnsanda insanlıq, səxavət olsun, Neylərəm ki, cah-calalı varıymış. Qayım ağa, niyə fikrə dalırsan, Yoxsa ki, özündən hesab alırsan. Sayılmaz mehmana keçə salırsan, Sayılan qonağa xalı varıymış. Çox gəzmişəm, az görmüşəm danəndə, Deməliyəm, sözün yeri gələndə. İnsan üzün görməyəsən dönəndə, Açılanda, xoş camalı varıymış. Ataş alıb, çox da yanma, Ələsgər, Sənətindən heç usanma, Ələsgər, Öz-özünə qubarlanma, Ələsgər, Bu dünyanın Rüstam-Zalı varıymış. * * * Ya Əli Sidq ilə tutmuşam, çağırram səni, Xeybərin qalasın alan, ya Əli! Hər kim ayırarsa yarı yarından, Elə tacü taxtın talan, ya Əli! Aslan olub, merac yolunda yatan, Əbu-Cəhlin daşın havaya atan, Xurma lifəsiylə barmağın çatan, Ağ devi zindana salan, ya Əli! Ələsgərə nişan verən almanı, İslam edən Qənbər ilə Salmanı, Musaya öyrədən Turda kəlməni, Cəbrayıla ustad olan, ya Əli! * * * Yaxşıdı Gəşt elədim, bu dünyanı dolandım, Kəlbəcərin xeyir-şəri yaxşıdı. Məscid, minarəsi, məktəbxanası, Torpağı şirindi, yeri yaxşıdı. Züleyxa təmkinli gözəllər hamı, Siması, libası, qurğu, nizamı, “Qardaş” deyib, dindirirlər adamı, Hörmətləri, mərfətləri yaxşıdı. Hasanalı Kəlbəcərdə bir xandı, Zümrüd kəlməlidi, fəsih zəbandı. Kamal kamandardı, atıb-vurandı, Qovğa günü iyidləri yaxşıdı. Yeyin olsun Nəbi bəyin iqbalı, İsgəndər calallı, Hatəm səxalı; İnəyin kərəsi, beçənin balı, Çayı, qəndi, samavəri yaxşıdı. Ələsgər mərd gördü, bir dəftər açdı; Tərlan qaynaqlıdı, aslan savaşdı, İyidlərdə Nəbi hamıdan başdı, Gözəllərdə Nənəpəri yaxşıdı. * * * Yaxşıdı Arif olan, gəlin sizə söyləyim, İyid sözü mərd-mərdana yaxşıdı. Kişi gərək dediyindən dönməsin, Biilqardan bir zənana yaxşıdı. Qəlbi düz olanın evi hac olu, Qonşuya kəc baxan özü ac olu. İkiarvadlılıq mardan acı olu, Bez geydirsən bir canana yaxşıdı. Ələsgər Kövsərdən badə içəndə, Gəşt eləyib, mərd iyidi seçəndə. Güzəran xoş olub, gün xoş keçəndə, Ağ otaqdan tövləxana yaxşıdı. * * * Yaxşı hörmət ilə, təmiz ad ilə Yaxşı hörmət ilə, təmiz ad ilə Mən dolandım bu Qafqazın elini. Pirə ata dedim, cavana – qardaş, Ana-bacı bildim qızı, gəlini. Hər kəs bu dünyanı fani bilməsə, Həm savabı, həm üsyanı bilməsə, Namusu gözləyib, nanı bilməsə, Əli Zülfüqarı kəssin belini! Bədəsildən hərgiz olmaz heç əsil, Lənət sana gəlsin, pis soy, pis nəsil! Firib-fəsad ondan qalxar müttəsil, Ölüncə tərgitməz öz əməlini. Yaxşı tanı, dağıtmaynan huşunu, Dostun oğraşısan, qandım işini, Badkeş bənd eləmə, çək qəmişini, Nəzmə cəzm eyləmə şeytan felini! Yazıq Ələsgərəm, bir kəminə qul, Əysik sözü hərgiz etmərəm qəbul. Bəndeyi-xudayam, ümməti-Rəsul, Dost tutmuşam Şahi-Mərdan Əlini. * * * Yandırır Arif olan insafından keçməsin, Mən fağırı qəm ataşı yandırır. Heç kimsəni eşq oduna düşməsin, Ahəni əridir, daşı yandırır. Hər kim görmək istər yarı pünhandan, Daim çəkər ahü zarı pünhandan. Atəşi ürəkdən, narı pünhandan, Kirpiyi oxlayır, qaşı yandırır. Vaxtın keçdi, xəddin çaldı, Ələsgər! Sərf edirsən nə kamaldı, Ələsgər! Bir sirr gördü, heyran qaldı Ələsgər; Ayaq oddu, yanmır, başı yandırır. * * * Yaşıldı, yaşıl Addadı zimistan, gəldi nobahar, Şamamanın tağı yaşıldı, yaşıl. Bəzənib nazənin, al-əlvan geyib, Eyvanı, otağı yaşıldı, yaşıl. Qafil olma bu bazarın içində, Aldatma özünü varın içində. İbrahim dayanıb narın içində, Güldü, solu-sağı yaşıldı, yaşıl. Ələsgər gözündən tökər qanlı yaş, Əhli-dil ustada canımdı peşkaş. Cəbrayıl dəryadan çıxardı bir daş, İçində yarpağı yaşıldı, yaşıl. * * * Yavaş get Bəzənib, qurşanıb seyrə çıxan yar, Ala gözlü Səhnəbanım, yavaş get! Hər qıya baxanda, evlər yıxan yar, Cəllad olub tökmə qanım, yavaş get! Mən sana aşiqəm, sən mana buta, Dəhanın bənzəyir qəndə, nabata. Ləbin tənə vurur abi-həyata, Qoynu cənnət-i rizvanım, yavaş get! Ələsgərəm, oldum dəli, divana, At müjganın, sinəm qoydum nişana. Sallanışın bənzər huri-qılmana, Kəbəm, qibləm, din-imanım, yavaş get! * * * Yazıq O qəmli könlünü, müşkül halını Düşünən də yazıq, bilən də yazıq! Ağlasan, ağlaram mən səndən betər, Dağladın sinəmi güləndə, yazıq! Bir mərdi sevəydin, sirdaş olaydın, Könlün istəyənə peşkaş olaydın. Ya da quruyaydın, bir daş olaydın, Bəzənib bu evə gələndə, yazıq! Ələsgər durarmı mətah satmasa, İyid sarsıyarmı baxtı yatmasa?! İki könül bir-birini tutmasa, Alan da yazıqdı, gələn də yazıq! * * * Yaylaq Könlüm qaranquştək uçub qoynuna, Gəzir hər yamacı, hər yalı, yaylaq! Ruhum təzələnir, məst olur ürək, Görəndə bu çağı, bu halı, yaylaq! Kəkotu, qırxbuğum, qaymaqçiçəyi, Bənövşə, qantəpər, qızlar örpəyi, Qoyun mələşməsi, çoban tütəyi, Çəkir uzaqlara xəyalı, yaylaq! Qırxqız, Alaqaya, Çilgöz, Narışlar, Murov, Uzunyoxuş, Dəlidağ, Qoşqar! Hansı oğul, deyin, sizi unudar?! Düşərmi el sizdən aralı, yaylaq?! Ələsgər köynəkdən çıxartsın sazı, Yenə cuşa gəlsin, eşqi, avazı, Tərifləsin allı, yaşıllı yazı, Unutma bu böyük kamalı, yaylaq! * * * Yetmədi Ömrüm ah-vay ilə keçdi dünyada, Həsrət qaldım, əlim yara yetmədi. Neçə namə yazdım canan elinə, Heç birisi o diyara yetmədi. Nə doyunca nazlı yarı görmədim, Nə dilimlə əhvalını sormadım, Bağ bəslədim, qönçə gülün dərmədim, Xəzan oldu, bağçam bara yetmədi. Dağların köysündə qar nişanası, Gül üstə görünür xar nişanası, Ölürəm, qəlbimdə yar nişanası, Gözü yolda, intizara yetmədi. Gözü yaşlı, ey füqəra Ələsgər, İşi əysik, baxtı qara Ələsgər, Olmadı dərdinə çara, Ələsgər, Həsrət əlin o dildara yetmədi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-qosmalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.