Təcnislər Aşıq Ələsgər (1821–1926) A yara məndən Müxənnət, seyraqub, xainü xəbis Nə yaman qandırıb a yara məndən. Lənətullah, ləin, şeytani-iblis Nə dedi, dost kəsdi ay ara məndən. Məcnun "Leyli" deyib, bu dağı bilər, İçən zəhrin dadın, budu ağı, bilər. Gəzən ürəyimdə bu dağı bilər, Arayıb axtarsan, ay ara məndən. Ələsgər, təqsirin oldu nə, ayə? Kim inansın, qəsəm edim nə ayə? Bu ahım qalmasın ilə, nə ayə, Sağalmaz bu düyün, a yara məndən. * * * Ayağa qarqar Var olsun Qarabağ, əcəb səfadı, Başa Xaçın axar, ayağa – Qarqar. Göyçə qar əlindən zara gəlibdi, Muğan həsrət çəkər: a yağa qar, qar… Ahən gəzər, səngə verər mər dana, Mərd oğulun qəhrin çəkər mərd ana. Mərd iyid meydanda durar mərdana, Müxənnət yapışar ayağa, Qarqar. Ələsgəri çəkməginən ala sən, Geyinibsən, yar, qəddinə ala sən. Lazımdı ki, qərib könlün alasan, İncidərsən, sana, ay ağa, Qarqar. * * * Ay ana, ana Qarlı dağlar gəldi düşdü araya, Qalmışam qürbətdə ay ana, ana! Təbib yoxdu, dərman edə yaraya, Sızıldaşır yaram a yana-yana. Mən qurban eylərəm yara canımı Götürüb doğraya, yara canımı. Alıb təpə-dırnaq yara canımı, Bilmirəm dərmanı ay ana, ana. Geyibdir qəddinə yar alacanı, At müjgan oxunu, yarala canı. İstər Ələsgərdən yar ala canı, Tökəndə zülflərin a yana, yana. * * * Ay sinə, sinə İbtida "əlif"dən dərsimi aldım, Oxudum yetişdim ay "sin"ə, "sin"ə. Nəkreyin sualın yadıma saldım, Nə deyim gedəndə ay sinə, sinə? Ovsunçular əllərinə mar alı, Zənbur fəmə şaqayıqdan mar alı, Kamil ovçu yəqin görüb maralı, Gedir bərəsinə ay sinə-sinə. Ələsgərəm, sənə ərzim budu, ağa, Yuyar qəssal, qəddim bükər budu, ağa. Məcnun könlüm-məskən salıb bu dağa, Müştaqdı Leylinin ay sinəsinə. * * * Ayə məndədi Ahəngər deyiləm, naşı bəzirgan, Gözüm dürdanədə, a yəməndədi. Sinəmdədi eşqin şirin çeşməsi, Ləzzəti meyl edib ay əməndədi. Bir sazım var, yox pərdəsi, nə simi, Onu çalıb, kim tərpədər nə simi?!. Firdovsi, Füzuli, Hafiz, Nəsimi– Onlar da yazdığı, ayə, məndədi. Kişi gərək zəhmət çəksin, dər salsın, Süfrə açsın, ad qazansın, dər salsın. Dərsi azlar Ələsgərdən dərs alsın, Altı min altı yüz ayə məndədi. * * * A yüzə tək-tək O sərxoş yerişin, o sallanışın Yetirdi dərdimi a yüzə tək-tək. Camalın şoxundan ağlım dağıldı, Əfşan eylə zülfün ay üzə tək-tək. Məskən saldım astananda, dərində, Dost bağını becərin də, dərin də. Gövhər olar dəryalarda dərində, Onu qəvvas çəkər ay üzə tək-tək. Ələsgərin az ömrünü üz, Gilə! Sona sənsən, dəryalarda üzgilə†. Bir salxımda peyvəst olub üz‡ gilə, Kamil bağban gərək ay üzə tək-tək. * * * Ay üzə, üzə Ay nazənin, dərdin mənim canımı Az qalıb incəldə ay üzə, üzə. Alıbsan əlimdən din-imanımı, Müştaq eyləyibsən ay üzə, üzə Yar, məskənim astanamı, dərdimi? Kamil bağban gülü bağdan dərdimi? A bimürvət, dərdin mənim dərdimi Artırıb, yetirib a yüzə, yüzə. Yazıq Ələsgəri oda salıbdı, Fələk gözdən salıb, o da salıbdı. Çeşmə kənarında oda salıbdı, Cumub sona kimi ay üzə, üzə. * * * Başa-baş A bimürvət, həsrətini çəkməkdən İllər ilə xəstə düşdüm başa-baş. Mən aşığam başa-baş, Oxu dərsin başa-baş. Eşqindən səməndərəm, Oda yandım başa-baş. «Can» deyənə «can» deginən mərdana, Baş qoyanın qoy yolunda başa-baş. Səndən ayrı haçan geysəm al, inci, Geyinibsən, yar, qəddinə al, inci. Mən aşığam al inci, Gey qəddinə al, inci. Dosta xəyanət olmaz, Qurma mənə al, İnci! Bir canım var, alacaqsan al, İnci! Bir busə ver, sövdə vuraq başa-baş. Ələsgərəm, dərdim budu, ay ağa! Eynim yaşı neysan kimi a yağa. Mən aşığam, ay ağa, Piltə yanar a yağa. İllər xəstəsi canım, Yar gəldi, qalx ayağa. Gah baş olan, gah da düşər ayağa, Kimsə varmaz fələk ilə başa-baş. * * * Biri "sin" İsmin üç hərifdi, ay çeşmi-xumar; Biri "mim"di, biri "nun"du, biri – "sin". Həsrətindən yüz min gizlin dərdim var, Kimsəm yoxdu, açam deyəm birisin. Saldın məni ataşa hey, nara hey, Gözüm ağlar, dilim şəkər nara* hey. Müştəriyəm, dost, qoynunda nara hey, Bimürvət, satmırsan, alam birisin. Siyah zülfün nə tökübsən yana sən?! Ya hurisən, ya pərisən, ya nəsən? Demədim ki, eşq oduna yanasan, Mən dedim ki, dur qıraqdan bir isin. Ələsgərin yaz sözlərin varağa, Yuyar qəssal, bükər qəddin var ağa. Bu səfərdə üç ehtiyat var, ağa: Biri mizan, biri Sirat, biri sin. * * * Bu dala, bax Sağ dəstində qızıl şanə sevdiyim Darar, zülfün tökər bu dala, bax, bax! Bülbül müştaq olub gül qönçəsinə, Onçun məskən salıb bu dala, bax, bax! Əylən məclisində, gəlməsini* gör, Sağrı başmaq geyib, gəl, məsini† gör. Bimürvət gözəlin gəlməsini gör, Qəsd edir, canımı bu da ala, bax, bax! Ələsgər səməndin yayında‡ minə, Saqın seyraqubdan, yayın da, Minə! Mərd verər sinəsin yayın dəminə, Müxənnəs gizlənər bu dala, bax, bax! * * * Dağıt "əmmə"ni "Əlif"in hökmüylə, "cim" fərmanıyla Ara kəlmə-kəlmə, dağıt "əmmə"ni. Vədəm tamamdısa, gəl al canımı, Qurtar bu düyündən, dağıdan məni. Şux gözəldə bir sinə var, bir incə, Gördüm, dərdim oldu dağlar birincə. Roğənəm, həddində yetir birincə, Yandırıb keçirmə dağıdan məni! Sağ dəstinlə dərdli sərim ov, sına! Lazımdı ki, ovçusundan ov sına§. Gözün təmənnası salıb ovsuna, Şahmar tək endirir dağıdan məni. Qürbətdə qalmışam, bir ay yarım var, Qərib pəhlivanam, bir əyyarım var. Lütf eylə, üstümə bir, ay yarım, var, Dağılsın üstümdən dağıdan məni. Ələsgərəm, bir dayım yox, bir əmim, Dar günündə mədədkardı birə "mim". Göz deyir ki, qoy ləbindən bir əmim, Dil deyir: – Məclisi dağıt, əm məni! * * * Dal dala Gözəllər sultanı, mələklər şahı, Şahmar zülfün nə tökübsən dal dala! Boyun sərv üstündə budağa bənzər, Mürgi-ruhum uçar qonar dal dala. Geydim qəm libasın yasın içində, Gələcək Nəkreyin ya sin içində. Doxsan min kəlmədə, “Yasin” içində Neçə yerdə müttəsildi “dal” “dal”a? Dərs almışam, oxumuşam hər aya, Bayram ayı demək olmaz hər aya. Şahlar şahı, özün yetiş haraya, Mən yalqızam, düşman verib dal-dala! Billəm, eytac deyil sənə mal indi, Geyibsən qəddinə, Sənəm, al indi. Can alansan, canım, sənəm, al indi. Əzrayılın çəngəlindən daldala. Ələsgər, əlindən getdi buta yar, Huşum çaşıb, ağlım olmaz, büt, əyar†. Sinəm qoydum müjganına buta, yar, Əsirgəmə, at oxların dal-dala. * * * De bir üz, bir üz Səndən ötrü ömrüm barın becərdim, Mübarək dəstinlə de bir üz, bir üz! Ölüb bu dünyadan həsrət gedirəm, Qoysan üzüm üstə de bir üz, bir üz! İpək nazbalışa Mina dayandı, Həcər nalə çəkdi Minada, yandı. Həsrətindən dərdim minə dayandı, Sən gəlsən, əysilər de bir üz, bir üz. Bayqu həsrət çəkdi, yara yetmədi, Təbib neştər vurdu, yara yetmədi. Yazıq Ələsgər, əlin yara yetmədi, Çalxan qəm bəhrində, de bir üz, bir üz. * * * Ha bular, bular Səba dost zülfünə şanə çəkəndə, Yayılar gərdənə ha bular, bular. Hər kim ki, sidq ilə dilək diləsə, Əlbəttə, mətləbin ha bular, bular. Sərrafın dəstində nə dana – dedim, Könül, can quşuna nə dana – dedim. Dərdimi dərdbilməz, nadana dedim, Anlamaz, başını ha bular, bular. Ələsgərəm, məskənimdi o diyar, Al xəncəri, bağrım başın, odu, yar! Evdən çıxdı yalın qılınc, odu yar, Bilirəm, qanıma ha bular, bular. * * * Ha lala çıxar Addadı zimistan, gəldi nobahar, İnşallah, dağlarda ha lala çıxar. Neçə şey halaldan dönər harama, Neçə şey haramdan halala çıxar? Yar xəttiylə yazılıbdı a tarix, Mehtər bivec, əstər kökdü, at arıx. Gözəllər fövcünə qürə atarıx, Baxtım kora, şilə, ha lala çıxar. Deyər Ələsgər, bağlayıbdı xala çar, Dər bağlıdı, indi gələr xala açar. Əsil bədöy mənzil kəsər, xal açar, Beygirin dünbündə hal† ala çıxar. * * * Həmayıl eylə Şahmar zülfün bədnəzərdən daldala, Çinlə gərdənində həmayıl eylə! Aç niqab altından mah camalını, Aləmi hüsnünə ha mayıl eylə! Fərhad Şirin sevdi, Yetim Yaxşı yar, Təbib sənsən, gəl yaramı yaxşı yar! Yaxşı yara qismət olmaz yaxşı yar, Həm sözdən mətləb qan, həm ayıl eylə. Ələsgər, dər bağdan yaxşıca nana, Mərd iyid kəc baxmaz yaxşıca nana, Yaxşı can yetişsə yaxşı canana, Həmi gün xoş keçər, həm ay-il eylə. * * * Narın üz Könül, sən ki düşdün eşqin bəhrinə, Narın çalxan, narın silkin, narın üz. Dost səni bağına mehman eyləsə, Almasın dər, gülün iylə, narın üz. Tikdiribsən qəsr, eyvan, oda sən, O nökərin, o sevdiyin, o da sən. Qıya baxdın, məni saldın oda sən, İnsaf eylə, gəl könlümün narın üz. Aşıq olan sözün deməz tərsinə, Tər gəzən dünyada gedər tərsinə. Tər sinəyə qismət olsun tər sinə, Narın üzə qoy söykənsin narın üz. Rüsxət ver, sözümü deyim qayım, ağa, Yuyar qəssal qəddim, bükər qayımağa. Ləzzət verər bal qatan da qaymağa, Qaymaqdan da şirin olar narın üz. Gətirdin rəngimə sarı, dur gedək! Bu sınıq könlümü sarı, dur gedək! Ələsgərəm, bizə sarı dur gedək! Bir dərdimi eyləyibsən, Narın, üz. * * * Nədi adı Şəriətlə təriqəti seçənlər, Təriqətlə həqiqətin nədi adı? Hansı şah haqq ilə ilqar eylədi, Nə incidi, nə ah çəkdi, nə dadı? İstəyirsən seyr edəsən Sinanı, Şər işlərdən saqın, saxla sinanı. Sədət gətdi sini içində si nanı, Dildə qaldı nə ləzzəti, nə dadı! Ələsgər də eşq içində qaladı, Şirin canın ataşına qaladı. Ər iyidin canı getsə, qala adı, Nakəslərin dəhr içində nə də adı! * * * Nəqa nə mindi İbtida xəlq oldu külli-kainat, İnsan nəqa mindi, nəqa nə mindi? Gözlərin canıma salıbdı afat, Peykan kirpiklərin nə qana mindi? Nə əysik din, nə artıq gül, nə dannan, Müxənnətə zəhər olmur nədən nan?! Dərdbilməzdən, dilqanmazdan, nadannan Nə qandım əzəldən, nə qanam indi? Ələsgəri çəkməginən, yar, ala, Lazımdı ki, yar könlünü yar ala. Sınmış dəndan, nə yar ləbin yarala, Əmmək istəyəndə, nə qan əm indi! * * * Nəs ağı belə Zər-ziba xələti pünhan eylədin, Biçdirdin qəddimə nəs ağı belə. Al dillə gətirdin, mehman eylədin, Qatdın şərbətimə nəs ağı belə. Qəvvas dəryalarda bağlar sal indi, Keçən günü, dost, yadına sal indi. Şahmar zülfün gərdənindən sal indi, At boynuma, elə nasağı belə. O Xoyun səhrası, o da Salmasın, Rəqib dost kuyində oda salmasın. Fələk Ələsgər tək oda salmasın. Nə naxoşu belə, nə sağı belə. * * * Sarı, görəndə Xudam səni nə xoş gündə yaradıb, Meylim axır sana sarı, görəndə. Həsrətindən yüz yara var sinəmdə, İnsaf eylə, birin sarı, görəndə. Tifil tək qoynunda nara aşiqəm, Mürgi-Səməndərəm, nara aşiqəm. Çəkərəm sübhədək nara, aşiqəm, Tərlan ovlağında sarı görəndə. Ələsgər sızıldar, bala yetişər, Nardan Səməndərə bala yetişər. Gözlərindən mana bəla yetişər, Olur gül irəngim sarı, görəndə. * * * Sayılam, məni Başına döndüyüm, ay telli sənəm, Qovma dərgahından, sayılam, məni! Ölləm bu dərd ilə, mən dirilmərəm, Çalıb zülfün kimi say ilan məni. Tifil fəğan eylər şirin yolunda, Rübah dura bilməz şirin yolunda. Ölsəm Fərhad kimi Şirin yolunda, Adam sayar adam sayılan məni. Ələsgər, səp dil mürgünə səğər dən, Mövla məhəbbətin kəsməz sağ ərdən. İnşallah, qurtarar nari-səğərdən Mərhəməti – “ayın”, sayı “lam” məni. * * * Sini-sin Hicran düşgünüyəm, gözəl müştağı, Axtarıram bu dünyanı sini-sin. Mürği-ruhum getməz səndən irağa, Qonşun ollam, qəbul etsə sini sin. Dost bağında bülbül qonmuş a dala, Nazlı dilbər zülfün töküb a dala. Mərd istər ki, çörək verə, ad ala, Namərd gözlər mərd iyidin sinisin. Ələsgərəm, mən də içdim badə hey, Əbcəd hesabıyla seçdim “ba”də “hey”. Xəstə cismin tab eyləmir bada hey, Heç demirsən: “Gir qoynuma, sin, isin”. * * * Yaradar məni Xudam məni, səni yoxdan yaradıb, Sən də bircə milçək yarat, ərməni! Bir qönçə bitəydim dostun bağında, Dilimlə deyəydim yara: dər məni! Tutmuşam dəstimdə gözəl nizamı, Firdovsi, Füzuli, gözəl Nizami. Təqdiri-qüdrətin gözəl nizamı Mana dərdi verib, yara – dərməni. Hilal qaşın bənzətmərəm dər yaya. Yazıq Ələsgər, dastan elə, dər yaya. İstəsə, kül eylər, qatar dəryaya, Yaratsa, təzədən yaradar məni. * * * Yazıq "əmmə"ni “Əlif”dən dərs aldım, əbcəd oxudum, Huş verdim, öyrəndim yazıq “əmmə”ni. Şirin canım müjganına toxudum, Sən Allah, öldürmə, yazığam, məni! Ərş üzündə Gün dolanar, Ay üzər, Müxənnəti mərdə qoyma ay üzər. Həsrətindən ay incəldər, ay üzər, Qışı dərdü möhnət, yazı qəm məni. Ələsgərəm, çətin adam sayılam, Vacibatda hürufatın sayı “lam”. Ləblərinin həsrətindən sayılam, Bimürvət, demirsən: “Yazıq, əm məni”. * * * Kitabxana.az · https://kitabxana.az/collections/elesger-tecnisler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1926). Public domain (author died 1926). Original text only.