Qəzəllər Fazil xan Şeyda (1784–1852) Dəyən bülbül pərinə daima gülzarsız qalsın Dəyən bülbül pərinə daima gülzarsız qalsın, Salan aşiqləri pərgardən pərgarsız qalsın. Hər əl əl ki urar şanə o geysuyi-pərişanə, Mənim aşüftə könlüm tək, xudaya, yarsız qalsın. Məni lal eyləyən bülbül kimi bir böylə mövsümdə, Suali-həqq olanda, ey xuda, göftarsız qalsın. O səf-səf çəkilən zülfün şikəncin sındıran şanə, Dağılsın səfləri, Allah, görüm sərdarsız qalsın. O çin-çin zülfi-pürçinin xəraci Çinü Maçinə Verə gər Fazili-Şeyda, görüm, zünnarsız qalsın. * * * Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban, Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan. Əcəb xalü əcəb hindu, əcəb dəndan, əcəb lölə, Əcəb kakil, əcəb əbru, əcəb qövsü əcəb müjgan. Əcəb ləlü əcəb gövhər, əcəb saqi, əcəb kövsər, Əcəb hüsnü əcəb zivər, əcəb hürü əcəb qilman. Əcəb şuxü əcəb surət, əcəb zibü əcəb zinət, Əcəb mahu əcəb tələt, əcəb Yusif, əcəb Kənan. Əcəb lalə, əcəb gülşən, əcəb dilcu, əcəb əhsən, Əcəb nərgis, əcəb susən, əcəb qönçə, əcəb xəndan. Əcəb zülfü əcəb sünbül, əcəb xalü əcəb filfil, Əcəb tuti, əcəb bülbül, əcəb əhmər, əcəb xoşxan. Əcəb eşqü əcəb sevda, əcəb Fazil, əcəb Şeyda, Əcəb şuriş, əcəb qovğa, əcəb məcnun, əcəb giryan. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fazil-xan-seyda-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1852). Public domain (author died 1852). Original text only.