Müxəmməslər Hacı ağa Fəqir Ordubadi (1836–1886) Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl, Alma əlimdən mənim tabü təvan, ey gözəl, Payinə qurbandı bu baş ilə can, ey gözəl, Qamətim əyri qaşun etdi kəman, ey gözəl, Rəhmə gəl, etmə cəfa, bəsdir, usan, ey gözəl! Tək yaradıb hüsndə xaliqi-yekta səni, Məhz qələtdür dutam Yusifə həmta səni, Dinə gəlir görsə gər kafirü-tərsa səni, Cümlə bəladən görüm saxlaya mövla səni, Canımı nahaq alıb eyləmə qan, ey gözəl! Ey yüzi gül, işvəgər, ləbşəkər, incə kəmər, Hüsnüvə aşiqdilər cümlə cahan sərbəsər. Məzhəbi qalmaz sənə eyliyə hər kəs nəzər, Sən kimi yox mahivəş, sən kimi şirin bəşər, Sən kimi görmüb yəqin çeşmi-cahan, ey gözəl Kakili-mişkinüvi şanəliyib, sal yüzə, Gürci küləh başa qoy, sürmə siyəh çək gözə, Tirmeyi-rəz əynüvə qurşanıban çıx düzə, Lal elə bülbülləri, gülşən ara gəl sözə, Gəlməz ələ bir belə fəslü zaman, ey gözəl! Ləli-ləbindən öpən abi-həyat istəməz, Şəhdi-yüzündən doyan qəndü nəbat istəməz, Səcdə qılan qaşuva sövmi-səlat istəməz, Görsə səni bütpərəst latü mənat istəməz, Öpsə yüzündən olur pir cəvan, ey gözəl! Qaşü gözün, kiprigün qətlümə eylüb kəmin, İşvələrin saxlayıb aşiqi-zar ilə kin, Hiç sədəf içrə yox sən kimi dürri-Yəmin, Xadim olammaz sənə cənnət ara hurül-eyn, Sən kimi Tiflisdə yox qönçədəhan, ey gözəl! Gülşənə çıx, seyr elə, sərvi nigunsar elə, Susənü gül, sünbülə aç yüzüvü, xar elə, Məst gözün aç qıya, nərgizi bimar elə, Zülfünü yüzdən götür, gül yüzün izhar elə, Bağrına qoy lalənin daği-nihan, ey gözəl! Qoy dolanım dəmbədəm başuva pərvanətək, Kakilivə əl çəkim teldə gəzən şanətək, Qoyma Fəqirin sənin tərk ola biganətək. Öpsə əgər ləblərin sağərü peymanətək, Daxil olur cisminə ruhi-rəvan, ey gözəl! * * * Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz Rəhmə gəl, eyləmə bu könlümü viran, qara göz, Qorx xudadan, bu qədər eyləmə tüğyan, qara göz, Qüdrətin xaliq edib səndə nümayan, qara göz, Dəxi sən hüsndə xəlq olmuyub insan, qara göz, Elə şükri-əhədi-qadiri-sübhan, qara göz! Gör nə surətdi çəkib, can belə nəqqaşə fəda, Çəkdiyi xameyi-qüdrətlə o göz, qaşə fəda, Türki çeşmin götürən xəncəri-xunpaşə fəda, İşvəvü qəmzəvü naz ilə o pərxaşə fəda, Yəni yüz can zənəxin xalinə qurban, qara göz! Dərini gördü gözüm, görmədi məscidlə künişt, Məni divari-sərayində hesab etgilə xişt, Sən qəbulumsan əgər xub olasan, ya rüxü zişt, Bəsdü vəslin mənə, həqdən diləməm baği-behişt, İstəməm gər ola yüz hurivü qılman, qara göz. Əyri qaşın nə səbəbdən olub amadeyi-cəng? Kiprigün beylə olub hər biri bir tiri-xədəng, Can bulardan qurtarammaz ola gər şirü pələng, Bəlkə Birzü ilə Gudərzü Fəramərzü Peşəng, Rüstəmü Küstəhəmü Samü Nəriman. qara göz! Günümü qarə qılıb öz yüzü tək qarə telin, Məni çalmağa dönübdür genə şahmarə telin, Səni həqq, şanə alıb dəstinə, az darə telin, Oxşuri yavəri-sərtibi-sipəhdarə telin, Az qalıb eyliyə dil mülkünü talan, qara göz! Sərvdə yoxdu belə işvəfi qamət, nə deyim? Yerisən xəlqə qopar ruzi-qiyamət, nə deyim? Güldə yoxdur bu qədər nazü nəzakət, nə deyim? Bu nəzakətlə sitəm eyləmə adət, nə deyim? Yoxudur mehrü vəfa, sən kimi dövran, qara göz! Bir zaman sərsəri-piri bu gülüstanə əsər, Dəxi qalmaz bu qədi-sərv belə tazavü tər, Nə kənarinə onun mən kimi bir qumri gəzər, Ondan əqdəm ki, görünməz bu vəcahətdən əsər, Vəslin et aşiqi-nalanuva ehsan, qara göz. Qoyaram dərgahinə sübhü məsa ruyi-niyaz, Qılaram olmasa gər zümm o rüxsarə namaz, Aldı hicran canımı, eyləmə bu həddidə naz, Gül yüzündən bu Fəqir iylədi bir zərrəcə, az Onu yəni edəsən busəyə mehman, qara göz! * * * Kitabxana.az · https://kitabxana.az/collections/fegir-ordubadi-muxemmesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1886). Public domain (author died 1886). Original text only.