Qəzəllər Hacı ağa Fəqir Ordubadi (1836–1886) Ey gözüm, vermə könül bu gözü xummarılərə Ey gözüm, vermə könül bu gözü xummarılərə, Olma mayil bu qara qürrəli dildarlərə. Mahrulərdə tapılmaz əsəri-mehrü vəfa, Hiç kəs olmıya aşiq belə xunxarlərə. Bir qəra didəlinin zülfu salıb hülqümə ğüll, Məni axır çəkəcək kuçəvü bazarlərə. Ey yüzi gül, ləbi püstə, dəhəni qönçeyi-təng, Unudub bülbülü, yar olmagilə xarlərə. Yataram fikri ilə hər gecə ol türrələrin, Yuxuda tuş oluram əfiyi-şahmarlərə. Xəmbəxəm zülfinə bağlı nə mənim könlüm olub, Bəlkə min xəstə könül bağlanıb ol tarlərə. Ey Fəqir, yoxdu nigarın kimi bimehrü vəfa, Hiç rəhm eyləmiri didəsi xünbarlərə. * * * Düşmüşəm seyd kimi damdə səyyad əlinə Düşmüşəm seyd kimi damdə səyyad əlinə, Bivəfa, qaniçici kafirü cəllad əünə. Qanımı tökmək üçün əbruyi-xunrizi müdam, Gör nə xişm ilə alıb xəncəri-fülad əlinə. Nə səbəbdən bu qədər didələrin qəsdim edər? Məni məqtul eləməkdən gəlü bir zad əlinə!? Qoyma zülfi-siyəhin səfheyi-rüxsarə düşə, Vermə, ey şux, behişti belə Şəddad əlinə. Dövri-çeşmindəki xalin bəməsəl xatəmdür, Yetişib hiylə ilə divi-pərizad əlinə. Qılsın əmani-nəzər mürşidi-ustadi-əzim, Hacı Mirzayi-Rəhim yetsə bu əfrad əlinə. Duta gər nəzmi-kəlamında Fəqirin bir eyb, Əfv qılsın onu kim, düşmüyüb ustad əlinə. * * * Heyf, məndən ol mələksima pəri can istəməz Heyf, məndən ol mələksima pəri can istəməz, Cismi-bimiqdarımı rahində qurban istəməz. Mən ümidi-vəsl ilə çox şakirəm hicran üçün, Aşiqi-sadiq degil hər kəs ki, hicran istəməz. Könlümə yüz karvani-qəm gəlir, mehmanlanır, Kaş o ev viran ola, yarəb, ki mehman istəməz. Ey xoşa, ol dərdməndə kim, təbibi yar ola, Əhli-eşq ol dərd üçün talibdi, dərman istəməz, Tarmar olsun o dil kim, yan yox, dildarı yox, Canəvərdir, can deyil, hər kəs ki, canan istəməz. Ey gözəl, zülfün kimi könlüm pərişan eyləmə, Kişvəri-mülkün şahənşahlar ki, viran istəməz. Canımı qurtar bu qəmlərdən mənim, tök qanımı, Qorxma, məşuqindən aşiq həşrdə qan istəməz. Qaməti-sərvin görən, gül tək cəmalın xoşluyan, Bağə baxmaz, gülşənə getməz, gülüstan istəməz. Ləblərin şəhdin içən aşiq həyati-Xızr alır, Meyli-şəhdi-şəkkər etməz, abi-heyvan istəməz. Küfri-zülfün sevməyən imanı yoxdur, dini yox, Hansı mömindir kim, o, zülfündən iman istəməz? Rəhm qıl, miskin Fəqirə, eylə ahindən həzər, Beylə gündə kafəri, gəbri müsəlman istəməz! * * * Salma bu qəra zülfünü rüxsarə, amandır Salma bu qəra zülfünü rüxsarə, amandır, Tapşırmagilən Kəbəni küffarə, amandır. Kəbə yüzünü görməyə aləm yığılıbdır, Göstər həcərül-əsvədi zəvvarə, amandır. Tapşır o kamandar qaşına tiri-müjəndən, Suzan sinəmə vurmaya çox yarə, amandır. Zahid məni öldürdü məlamət eləməkdən, Göstər yüzünü, ta qıla nəzzarə, amandır. Məntək unuda dini, duta rahi-Məsihi, Səcdə eliyə deyrlə zünnarə, amandır. Mən canə yetişdim bu qədər cövrün əlindən, Ərzə gedirəm axırı sərdarə, amandır. Rəhm üzrə gəlib aşiqi-dilxəstəyi-zarün, Qoyma gedə biganəyə yalvarə, amandır. Göstər Fəqirə nuri-təcəllayi-cəmalin, Musa kimi ta qalmaya avarə, amandır! * * * Verəli dil o qarə tellərə naşad olubam Verəli dil o qarə tellərə naşad olubam, Qanlı yaş cari edib, qəmlərə mötad olubam. Xəmi-zülfündə məqam eyləyəli xəstə könül, Qüssəyə tuş olub, xanəsi bərbad olubam. Necə səhrayə gedim ahu şikar eyləməyə, Mən özüm seydi-xəmi-həlqeyi-səyyad olubam. Ey gözüm yaği, sənin həmdəmi-zarın mən idim, İndi nolmuş sənə, mən özgə kimi yad olubam?! Oğru zülfündən əgər könlümü alsam, dəxi mən Vermərəm dil ona, bundan belə ustad olubam. Ey Fəqir, bu qədi sərvin qəminə tuş olalı, Qəmi-dəbxi unudub sərvtək azad olubam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fegir-ordubadi-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1886). Public domain (author died 1886). Original text only.