Azadlıq Radiosundakı çıxışlar Əbdürrəhman bəy Fətəlibəyli (1908–1954) Həmvətənlər! Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını! Bir qədər əvvəl Sovet İttifaqını tərk etmiş yüz minlərlə kəndli və fəhlələr həqiqəti qorxmadan demək imkanı əldə etmişlər. Çoxlu keçmiş komsomolçu və kommunistlər, Sovet ordusunun əsgər və zabitləri, Daxili İşlər Nazirliyinin keçmiş işçiləri əvvəllər müdafiə etdikləri hakimiyyətlə mücadilə aparmaq qərarına gəlmişlər. Burda, xaricdə demək olar ki, Sovet İttifaqının bütün xalqları təmsil edilmişlər. Biz hamımız, gənclər və yaşlılar olaraq Stalinin dəmir pərdəsində yaşayan və əzab çəkən sizlərlə bir əzmdə və bir ruhdayıq. Biz hamımız, gənclər və yaşlılar Stalinin dəmir pərdələri arxasında yaşayan və əzab çəkənlər olaraq bir iradə və ruhla sizinləyik. Sizin kədəriniz, sizin fikriniz-bu, bizim kədərimiz, bizim fikrimizdir və bizim səsimiz-sizin səsinizdir. 1952-ci ilin oktyabrın 16-da xaricdəki siyasi qrupların nümayəndələri Vətəni kommunist diktaturasından xilas etmək üçün “Antibolşevik mücadilənin Koordinasiya Mərkəzi”ni yaratdılar. Biz bu diktaturaya qarşı xalq hakimiyyəti prinsiplərini qoyuruq. SSRİ ərazisində yaşayan bütün xalqlarla birgə demokratik ifadə göstərmək əsasında öz müqəddəratını azad təyin etmək hüququnu tanıyırıq. Biz bütünlüklə vicdan və dini azadlıqların verilməsi tərəfdarıyıq. Biz yalnız insanın insan tərəfindən istismarının deyil, eyni zamanda insanın partiya və dövlət tərəfindən də istismarının da əleyhinəyik. Biz dövlət siyasətinin insan şəxsiyyətinin azad inkişafı maraqlarına və xalqların maddi və mənəvi həyat tərzinin yüksəldilməsinə tabe edilməsi tərəfdarıyıq. Bizim istismarçıların qışqırıb dedikləri o “xoşbəxt” həyat; yaxud ləyaqətli insan həyatı o zamana qədər mənasız olacaq ki: 1) terror və işgəncə sisteminə son qoyulsun; 2) Qul əməyinin bütün formaları məhv edilsin; 3) Bizim dövr üçün qorxu və biabırçı sayılan cəhənnəm həbs düşərgələri yox edilsin; 4) Kolxozlar buraxılsın və kəndlilərə torpağa sahibolma və torpaqdan istifadə formasını seçmək hüququ verilsin. Kommunist hakimiyyətinin ən ağır cinayətlərindən biri kimi biz onun xalqın yaradıcı fəaliyyəti və ölkənin mədəni həyatı üzərindəki zülmünü qeyd edirik. Böyük Azərbaycan ədəbiyyatı, musiqisi, salnaməsi, elmi – xalqın bütün yaradıcılıq qabiliyyətinin formaları Stalin tiranlığı ilə məhv edilmişdir. Bizim mədəni irsimiz və onun Avropa və dünya mədəniyyəti ilə bütün əlaqələri mənasız və amansızcasına məhv edilir. Mədəniyyətin canlı daşıyıcıları isə daha amansızcasına güllələnirlər. Tapdanmış mənəvi dəyərlərin qorunması və xalqımızın varlığının qorunması üçün biz öz səsimizi qaldırırıq. Biz kommunizmin tamahkar və təcavüskar xarici siyasəti nəticəsində insanlıq üzərinə hərəkət edən qorxulu təhlükəni görürük. Bütün xaricdə yaşayan və Sovet İttifaqını tərk etmiş azərbaycanlılar azad dünyanı inandırırlar ki, kommunizm fəhlə hərəkatının siyasi hərəkatı deyil, yalnız quldarlıq təsərrüfatı sisteminə əsaslanan, hərbi bürokratiya və polis terroru üzəində yaranmış imperialist dövlətlərin silahıdır. Sovet İttifaqının bütün xalqları kommunizmə gizlində düşməndirlər və öz istismarçılarına nifrət edirlər. Bu cəhdlər isə “bəhrələrini” vermişdir. Milyonlarla insanımızın həbs düşərgələrində əzab çəkməsi faktı sübut edir ki, kommunist təcavüzü xalq işi deyildir, yalnız Kreml cəlladının əlidir. Bizim xalqlar Stalinin cinayətkar siyasətinin yanındakı yaltaqların “dahi” adlandırdıqları daha hansı eksperimentlərin əzablarını çəkməlidilər və nələrə düçar olmalıdılar? Həmvətənlərimiz! Əgər siz onların başı üzərindən azad dünya xalqlarına əlinizi uzatmasanız, Sovet diktatorlarının sizin arxanızda və sülh uğrunda hərəkat adı altında hazırladıqları üçüncü dünya müharibəsinin başlanması olsun ki, qaçılmaz olacaq. Bizim ölkənin xalqları ilə azad xalqların möhkəm birliyi demokratiyanın gücünün və sarsılmazlığının girovu sayıla bilər. Biz bilirik ki, mücahdilə üçün buradan hazır siyahılar vermək mümkün deyil. Vaxtı çatanda xalq özü necə hərəkət etməyi başa düşəcək. Bizim radiostansiyanın vəzifəsi – Sovet İttifaqında baş verənlər haqqında heç zaman eşitmədiklərinizdən danışmaq, dinləyicilərimizi obyektiv informasiya ilə təchiz etmək və onlara Sovet təbliğatının neçə illərdir yayıb təlqin etdiyi yalanlardan azad olmaqda kömək etməkdir. Bizim radiostansiyanı dinləyin! Antibolşevik Mücadilə Koordinasiya Mərkəzinin səsini eşidin! * * * Kitabxana.az · https://kitabxana.az/collections/fetelibeyli-azadliq-radiosundaki-cixislar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1954). Public domain (author died 1954). Original text only.