Məktublar Əbdürrəhman bəy Fətəlibəyli (1908–1954) Əbdürrəhman bəy Fətəlibəylinin Məmməd Əmin Rəsulzadəyə məktubu Mərhəba, çox möhtərəm Məhəmməd Əmin! Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz adına salamlayıram. Məmnunluqla Sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük başarılar qazandılar və misilsiz qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini əlçatmaz bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş olan general Konrad bizdən heyranlıqla bəhs edirdi. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taburumuza xitabən özəl bir əmiri vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanırıq. Taburumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə layiq olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie Sturmabzeichen" medallar ilə təltif edilmişlər. Qəzetimizdə (Berlində çıxan "Azərbaycan" qəzeti- NY) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindirir. Biz, cəbhədəki əsgərlər şübhə etmirik ki, Milli Komitəmizin üzvləri arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da olacaqdır. Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakarcasına döyüşəcəyik. Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə xoş səhhətlər diləyirəm. Sizin:Ə.Düdənginski-Fətəlibəyli * * * Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginskinin general L.Biçeraxova açıq məktubu Cənab general! Bu yaxınlarda “Naş put” ((№3)) Rusiya Antikommunist Birliyinin xəbər məcmuəsində sizin “Kölə xalqların mühacirətinə açıq məktub”unuzu oxudum. Artıq illərdir rus mühacirətinin bəzi dairələri Qərbin bütün siyasi mərkəzlərində bildirirlər ki, qeyri-rus xalqlarının milli azadlıq hərəkatları Gimmler və Rozenberq tərəfindən bu xalqların iradəsindən asılı olmayaraq istehsal olunmuşdu və onları “faşist”, “nasist”, “kvinslinq”, “Hitlerin pərəstişkarları” adlandırırlar. Biz buna cavab verməyi öz qürurumuza sığışdırmadıq, amma Sizə – II dünya müharibəsi zamanı hörmətli Əhməd Nəbi Maqomun rəhbərlik etdiyi Şimali Qafqazın milli-azadlıq hərəkatına qoşulan adama cavab verməyə məcburam. Cənab general, Sizin iddialarınızın əsasız olduğunu sübut etmək üçün mən nümunə kimi II dünya müharibəsi zamanı Azərbaycan xalqının milli-azadlıq hərəkatının üzərində dayanmaq istərdim. Hamıya məlumdur ki, türk-müsəlman və digər qeyri-rus xalqları çar Rusiyasının tərəfindən istila edilmişdilər, onların müstəqill demokratik respublikaları isə (1918-1920) Sovet Rusiyası tərəfindən işğal olunmuşdu və zorla SSRİ-yə birləşdirilmişdi. Bu səbəbdən də, bizim xalqlar öz azadlıqları uğrunda döyüşə bilmirdilər. Fasiləsiz üsyanlardan və qanlı döyüşlərdən sonra bizim xalq bu fikrə gəldi ki, qanlı bolşevizm xarici qüvvələrlə ittifaq sayəsində məhv edilə bilər və bu səbəbdən də, o, SSRİ-yə müharibə elan edən istənilən döblətin təbii müttəfiqi idi. Stalinin Hitlerlə ittifaq sazişindən sonra bizim bütün xalqların rəğbəti qərb dövlətlərinə yönəldi. Stalin Hitlerlə birgə Polşanı böləndə, Baltik ölkələrini müstəqillikdən məhrum edəndə, Finlandiyaya hücuma keçəndə biz nəfəsimizi dərmədən İngiltərə, Fransa, Skandinaviya və digər Avropa ölkələrinin SSRİ-yə müharibə elan edəcəyini gözləyirdik. O zaman biz həm Stalinə, həm də Hitlerə qarşı onların təbii müttəfiqi idik. Amma… başqa cür oldu. Qərb dövlətlərinin vətənpərvərlik borcu onları SSRİ, bizi isə, Almaniya ilə birləşdirdi. Bizə görə Qərb dövlətləri Kremllə ittifaqdan imtina etmədikləri kimi, biz də onlar üçün öz atalarımızın ənənələrini ayaqlayaraq Böyük Rus və ya SSRİ – bizim xalqımızı əsarətə alan dövlətin tərəfində vuruşa bilməzdik! Bolşeviklərin əsarətə aldığı digər xalqlar kimi, bizim millətin oğulları da sovet cəbhəsini açaraq Almaniyanın tərəfinə keçdilər və onunla birgə öz vətənlərinin azadlığı və müstəqilliyi uğrunda mübarizəyə başladılar. Almaniyanın tərəfində olan Azərbaycan türklərinin sayı 150 min nəfər olub, bütün türklərin və qafqazların sayı isə, milyona çatırdı. Bütün bu kütlələr hərbi düşərgələrə yerləşdirilmişdilər, onlar yavaş-yavaş ölürdülər, bu sırada mən də vardım. 1941-ci ilin qışına müharibəni başa çatdırmağa və bütün ölkələri müstəmləkəsinə çevirəcəyinə ümid edən Hitlerin legion yaratmaq kimi bir niyyəti yox idi, onlar 1942-ci ilin əvvəlində yaradıldı. Milli sosialistlər (nasistlər) legionlara ucuz yardımçı qüvvə kimi baxırdılar. Belə ucuz əsgərlərdən biri də mən idim. İnsanlar acından ölməmək üçün, xilas olmaq üçün ucuz əsgər kimi qisas alaraq ölürdülər. Əgər siz və digər rəhbərlər bunu milli şərəfə ləkə hesab edirdinizsə, o zaman hərbi əsirlərə bu çağırışla müraciət edəydilər: “Legionlara getməyin və mən əsir düşərgəsində sizinlə birgə öləcəyəm”. Legionlarla yanaşı Berlində təbliğat məqsədilə almanların rəhbərlik etdiyi hansısa milli qurum və qəzetlər yaradılırdı. Bizim hamımız üçün “müstəqillik” sözünü demək və yazmaq qadağan olunmuşdu, bunun əvəzinə hamı heç nə ifadə etməyən “fraqqayt” – “azadlıq” sözünü geninə-boluna istifadə etməli idi. Hamıdan daha çox biz təhqirə məruz qalırdıq, çünki bizə öz əsl adımızla – Azərbaycan türkləri kimi adlandırılmağımıza icazə vermirdilər, bizi Stalinin bizə verdiyi “azərbaycanlı” adı ilə çağırırıdılar. Bizim milli bayrağımız isə, aypara və ulduz simvollarının çıxarılması yolu ilə təhrif olundu. Şübhəsiz ki, Berlindəki hər bir kəs kimi, biz – döyüşən əsgərlər də bu vəziyyətlə barışa bilməzdik… Berlindəki bütün Azərbaycan türkləri Xəlil bəy Xasməmmədovun sədrliyi ilə toplandılar ki, müzakirə etsinlər: bu alçaldıcı şərtlərdə əməkdaşlığı davam etdirməli, yoxsa getməli? Biz qərara aldıq: “Almaniya bizim müstəqliliyimizi tanıyacaq, ya yox, fərq etməz, amma bizim bu ağır məqamda öz həmvətənlərimizi milli rəhbərlikdən məhrum etməyə haqqımız yoxdur, çünki bu, Vətən qarşısında xəyanət olardı. Biz bunu istəyirik, ya yox, legionerlər mübarizəyə cəlb olunublar. Onların namusunu, ləyaqətini və həyatını hər cür müdafiə etməyə çalışmaq lazımdı. Elə etmək lazımdır ki, onların qanı batmasın, yerdə qalmasın, məhz alicənab türk qanının axdığı azadlıq və müstəqillik məcrası ilə axmaqda davam etsin”. Buna nail olmaq üçün almanların Azərbaycan qərargahına ilk güzəştindən istifadə etdik və birləşmək, öz xalqımızın iradəsini nümayiş etdirmək, siyasi proqram qəbul etmək və milli azadlıq hərəkatının rəhbərliyini seçmək üçün, eyni zamanda alman hökumətinə tələblərimizi çatdrımaq üçün Konqres çağırmağı qərara aldıq. Konqresin çağırılmasına xeyli əngəl vardı, çünki bu, Şərq nazirliyinin və digər qurumların məmurlarının xoşuna gəlmirdi. Buna general Ritter fon Nidermayer kimi generallar da mane olurdular. Konqresin çağırılma müddəti üç dəfə təxirə salınıb və xüsusən bizimlə Vermaxt təbliğatı arasında kəskin mübahisələr baş verdi, onlar bizdən tələb edirdilər ki, İngiltərə, Amerika və digər dövlətləri Azərbaycan xalqının düşmənləri elan edək. Biz bu tələblərdən imtina etdik, çünki onlar həqiqətəuyğun deyildilər. Nəhayət, 1943-cü il noyabrın 6-da biz Konqresi çağıra bildik və konqres noyabrın 10-dək davam etdi. Toplantıda gənclərin və yaşlı nəslin 300 nümayəndəsi iştirak edirdi. Müstəqillik tələb edən nümayəndələr qürurla bəyan etdilər: “Biz onun üçün vuruşmuruq ki, bir sahibi o biri ilə əvəz edək. Biz çar canişinlərinə dözmədiyimiz kimi, istənilən digər xalqın da hakimini qəbul etməyəcəyik. Qafqazı qafqazlılar idarə edib və edəcək, eləcə də Azərbaycanı azərbaycanlılar idarə edib və edəcək”. Bu şəraitdə müstəqillik tələbləri ölümə bərabər idi, çünki bu, cənab reyxkomissarları, qaulyaterləri hər cür perspektivdən məhrum edirdi, qısacası, milli-sosialist irqçi nəzəriyyəni alt-üst edirdi. Bizim Konqresdə qəbul olunan, bir bəndindən belə imtina etmədiyimiz siyasi proqramın faşizmlə, nasioal-sosialistlərlə, kommunizmlə heç bir əlaqəsi yoxdur, o, Azərbaycanın demokratik əsaslarla qurulmasını nəzərdə tutur. Beləcə, Kayzerqofda, Berlində, həmin şəraitdə demokrat olmaq lazım idi, amma indi hamı demokrat ola bilir. ...Nə qədər ağır olsa da, 1945-ci il martın 17-də İmperiya Hökuməti nasional- sosialist filosofu, reyx nazirinin özü Alfred Rozenberqin imzası ilə Azərbaycanın və digər türk və Qafqaz ölkələrinin müstəqilliyini tanıdı. Bu aktı imzalarkən, A.Rozenberq öz irqçi nəzəriyyəsinin dayanıqlı olmadığını etiraf edir, türk və qafqazlıların müstəqillik ruhunun ölmədiyini qəbul edirdi. Aktın təslimə cəmi iki ay və ya beş dəqiqə qalmış imzalanmasının heç bir prinspial əhəmiyyəti yoxdur. Bu etiraf bizə ona görə qiymətlidir ki, o, bizim döyüşçülərin qanı ilə qazanılıb. Əgər nasional-sosialist hökuməti bizim Vətənimizin müstəqilliyini etiraf edibsə, düşünmək lazımdır ki, demokratik dövlətlər hər hansı tərəddüd olmadan bunu edəcəklər. Bu məqalədə isə Siz, cənab Biçexarov, özünüzün 1918-ci ildəki fəaliyyəti, xalqların özünüzün yaratdığınız könüllü ittifaqı, qrımızılara, türklərə və ingilis xadimlərinə qarşı mübarizəniz barədə danışırsınız. Azərbaycan və Şumali Qafqaz oğulları sizin o zamankı fəaliyyətinizi böyük nifrətlə xatırlayırlar. Biz xalqımızı sizin bölmənizin özbaşınalıqlarından xilas etməyə yardımçı olan türklərə minnətdarıq. Bakıdan gedərkən siz xəzinəni də özünüzlə aparmağı unutmadınız. Sizi Bakıdan qovanda Dərbəndə tərəf hərəkət etdiniz, şimali qafqazlılara qarşı döyüşlərdə Petrovsku işğal etdiniz… Dağıstan deputatlarını öldürdünüz. Sonra türklər qafqazlıların köməyinə gəldilər, sizin bölmənizi dağıtdılar, Şimali Qafqazı sizin özbaşınalığınızdan xilas etdilər. Mən sizi məhkəməyə dəvət edirəm, cənab general! Mən bəyan edirəm ki, bizim milli azadlıq hərəkatına qarşı ittiham irəli sürəcək istənilən xalqın məhkəməsi qarşısında cavab verməyə hazıram. Yekunda deməliyəm ki, bu bizə nə qədər baha başa gəlsə də, biz ana-bacılarımızın, arvad-uşaqlarımızın göz yaşlarının, atalarımızın və qardaşlarımızın qanlarının qisasını aldıq və nəhayət, biz fəxr edirik ki, insanlıq əleyhinə bəlaya – Kommunizmə qarşı vuruşmuşuq. Qoy, böyük Allah bizim əməyimizi yerə vurmasın, qanımız əbəs yedə qalmasın. Ə.Fətəlibəy München 22, Postfach 103. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Klement Ettliyə məktubu Cənabınıza məlumdur ki, bolşevizmin tarixi satqınçılıq, müharibə və soyğunçuluq tarixidir. 1917-ci ildə onlar rus xalqının kürəyinə bıçaq sancdılar, onu müharibədən çıxardılar və bu xalqı satdılar. Onlar eyni zamanda, Rusiyanın müttəfiqləri olan İngiltərəni, Fransanı, Amerikanı güdaza verdilər. 1939-cu ildə bolşevizm Hitlerlə müqavilə bağlayaraq, Yer kürəsinin 1/6 hissəsinin, İngiltərənin, Fransanın və digər sülhsevər xalqların mənafeyini satdı və müharibənin əsas səbəbkarı oldu. Bolşeviklərin müharibəqabağı planları hər kəsə məlumdur. Almaniya, İngiltərə, Fransa və digər Avropa ölkələrini bir-birilə toqquşdurmaq və hər iki tərəfə qan tökməyə imkan verərək, sonra bolşevik çəkmələri ilə onların qanlı bədənlərini tapdalamaq. Belə asanlıqla Stalin dünya xarabalığı üzərində hökmranlıq etmək istəyirdi. Bolşevizmin bu taktikası Lenin, Stalin tərəfindən yaradılıb və onlar heç vaxt bunu gizlətməyiblər. Təəssüf ki, heç olmasa, bir nəfər demokratik xadim tapılmadı ki, bu barədə bütün dünyanı açıq-aydın xəbərdar etsin. Aydındır ki, 1941-ci ildə Hitler təhlükəsi altında Stalin məcburən İngiltərə və Amerikanın “müttəfiqi” oldu. Hələ cənab Çörçil onu “yoldaş” adlandırır. İstəmədən “yoldaş” deyilsəydi, daha doğru olardı. Yer kürəsinin 1/6 hissəsində yaşayan xalqlar bolşevik nəzəriyyəçiləri tərəfindən ingilis və amerikalılara nifrət ruhunda tərbiyələndiriliblər. Stalin cənab Çörçilə cavabında bolşevizmin ingilis dünyasına olan ümumi nifrət və kinini konsentrik şəkildə göstərirdi. Stalin kommunizmin heç vaxt uğur qazanmadığını və qazanmayacağı ingilis dünyasına ona görə nifrət etmirmi? Stalin ingilis zəhmətkeşlərinin onu “ata” adlandırmaq istəmədiklərinə görə qəzəblənmirmi? Stalin ingilis xalqının seçkilərdə Hani Polpitin zəhmətkeşlərə hər kəsin qabiliyyətinə görə işləyəcəyi və tələbatına (xüsusən, viski tələbatına) görə alacağı kommunist cəmiyyəti qurmaq vədlərinə baxmayaraq, kommunistlərə səs vermədiklərinə görə hirslənmirmi? Stalin deyir: “Xalqlar ona görə mübarizə aparmayıblar ki, bir köləlikdən digərinə keçsinlər. Konkret olaraq Hitler köləliyindən ingilis-amerikan köləliyinə”. Biz də deyirik ki, xalqlar məhz ona görə mübarizə aparmayıblar ki, Stalin - kommunist köləliyinə düşsünlər.... Stalin Avropanın xilası naminə 7 milyon itki verdiyini söyləyir. Əgər o, Avropanı xilas etmək istəsəydi, bunu İngiltərə və Fransa ilə ittifaqda edərdi, Hitlerlə yox. 7 milyon deməklə Stalin itkilərin sayını kəskin azaldır. Axı bizim xalqların Stalin rejiminə nifrəti o qədər böyükdür ki, onların heç biri Stalin uğrunda vuruşmaq istəmirdi. İlk növbədə ruslar, ukraynalılar, türk-müsəlmanlar. Yalnız buna görə Almaniya müharibənin ilk günlərində milyonlarla hərbi əsir tuta bilmişdi. I Dünya müharibəsində müharibəni çar Rusiyası aparanda bir nəfər də olsun rus, ukraynalı, hətta türk-müsəlman da Almaniya tərəfə keçməmişdi. Ancaq bu müharibədə Sizə məlum olduğu kimi, Almaniya tərəfdə öz legionerlərini təşkil edən və bolşevizmə qarşı vuruşan milyonlarla rus, ukraynalı, müsəlman türk və s. vardı. Məgər bütün bunlar Stalin rejiminin vəhşilik və antixalqçılığına, onun bizim xalqların atası deyil, atalığı olmasına dəlalət etmirmi? Nə üçün bir nəfər də olsun ingilis, ya amerikalı almanlarla birgə vuruşmadı? Çünki, onların ingilis tarixinin inkişafı nəticəsində, dövlətçilik ənənələri üzərində öz xalqlarının oğulları tərəfindən idarə olunan vətənləri var. Çünki, İngiltərəni Kral, Ettli, çörçillər, bevinlər, aleksandrlar, krippsilər və başqa xalqın qanından, kökündən olmayanlar, başqa ölkələrdə leyboristlər və ya konservatorlar partiyası yaratmaq istəməyənlər idarə edirlər. Siz dünya leyboristlər inqilabı naminə nə bir pendən, nə də bir nəfər ingilisdən söz yox, keçməzsiniz. Leyborizm və həmçinin konservatizm təmiz ingilis əsillidir, ingilislər tərəfindən ingilis zəminində yaradılıb və ingilis xalqına xidmət edir. Kommunizm və dünya proletar inqilabı haqqında nə demək olar? Kommunizm rus, ukraynalı və xüsusən türk-müsəlman gerçəkliyinə, tarix və ənənələrinə yad və yabançı ideyadır. Ümumiyyətlə isə, kommunizmin heç bir xalqm gerçəkliyi ilə ümumi nöqtəsi mövcud deyil, çünki, kommunizmin vətəni yoxdur. Kommunizm öz xalqının, vətəninin mənafeyini satmaq, dünya proletar inqilabı naminə milyonlarla həyatı qurban verməkdir. Məgər dörd illik vətəndaş müharibəsi bizim xalqların mənafeyinə, sinfi mübarizə alovlarında milyonlarla yaxşı zəhmətkeşin məhv edilməsinə və yaxud bizim xalqların başqa xalqlardan və dünya bazarından təcridinə, 1939-cu ildə Hitlerlə müqavilə bağlanmasına uyğun idimi? Bu, Yer üzünün 1/6 hissəsində yaşayan xalqların mənafeyinin tarixdə misli görünməmiş satılması deyildimi? * * * Əbdürrəhman bəy Fətəlibəylinin Məhəmməd Əmircana məktubu Məhmədciyim! Göndərdiyin dokumentləri aldıq, çox sağ ol. Zahid xanla göndərdiyin bir şüşə rakıyı da aldım. Çox sevindim, çocuqcasına sevindim. Bu iki ilin içində bir adam tapıldı belə bir risk etdi. Haradandır bu cəsarət səndə? Hələ içməmişəm, saxlayıram. Komissiya haqqında göndərdiyin teleqramı aldıq, çox sevindik. Allah daima səni şad etsin. Teleqramı bütün düşərgələrə bildirdim. Komissiya hələ gəlməmiş. Eşitdiyimə görə komissiya Yunanıstandadır, bir həftəyə qədər buraya gələcək. Məhməd! Hərəkatımız haqqında xalqımıza raport yazmışam. Bu raportu hörmətli Mirzə bəydən al, türkcəyə tərcümə et, surətlərini vətəndaşlarımıza ver. Oxusunlar, həqiqəti bilsinlər və dedi-qoduçuların ağızlarını yumsunlar. Hər türkçü dostumuza bir surətini versən, heç də fəna olmaz. Bütün türkçü dostlarımıza mənim təşəkkürlərimi və məhəbbətimi bildir. Onların adreslərini mənə yaz. Şəxsən onlara məktub yazmaq fikrindəyəm. Sistematik olaraq "Şərq yolu", "Ergenekon" və "Kür Şad" qəzetlərini almaqdayıq. "Son saat" çox xoşuma gəlir, maraqlı axşam qəzetidir. "Tasvir"in intişarını səbirsizliklə gözləyirik. Mənim əziz Ziyad bəyim yazmışdı ki, iyulun 15-də gələcək. Əgər gələrsə, qoymayacağam özünü üzsün. Yazdığım kiçicik kitabçanı Amerika xalqına həsr etmişəm. Orada olan Amerika korrespondentləri ilə bu haqda danış və mümkünsə Amerikaya göndər. Mənə türklər üçün ingilis dili kitabı və ingilis-türk sözlüyü lazım. Mümkün etsən göndər. Fuaddan xəbərim yox, haradadır və nə iş görür? Öpürəm səni. Salam vətəndaşlarımıza. Sənin Abo. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Əbdüləli bəy Əmircana məktubu Hörmətli və əziz Əbdüləli bəy! Müsbət nəticələri gözləyərkən uzun müddət sizə yaz-mırdım. Yaxınlarda Türkiyə komissiyasının Avropada olmasının 3 ayı tamamlanacaq, lakin hələ ki bir hərəkət yoxdur. Bizim vəziyyətimiz isə sülh müqaviləsinin ratifikasiyası ilə əlaqədar olaraq çətinləşdi. Bu müqavilədə isə İtaliyaya saxlamaq və təhvil vermək öhdəliyi qoyan maddə var. Öncə İtaliya toplanma düşərgələrində yerləşənlər üçün təhlükə mövcuddur. Dr.Həsən İsmayıl (Misir nümayəndəsi) bizim vəziyyətimizi yaxşılaşdırmaq üçün çox iş gördü. O, həmçinin İtaliya hökuməti nümayəndələri önündə müsəlmanların azad edilməsinə və onların göndərilməmişdən öncə bizim müsəlmanların asas çoxluğunun olduğu və Reggio-Emiliyada yerləşən İRO düşərgəsinə təyin edilməsinə nail olurdu. Lakin italiyalılar nəqliyyat gələnə qədər müsəlmanları azad etmək istəmirlər. İndi isə nəqliyyat gələnədək Kababçı gələ bilər və italiyalılar onların hamısını təhvil verəcəklər. İtaliya düşərgələrində olanların vəziyyəti dəhşətlidir. Kababçının "pis qoxulu nəfəsi" olmasaydı, bütün bunlara dözmək olardı. Məlum olduğu kimi, onlar Türkiyə və Suriyaya bizi qəbul etməmələri üçün etiraz notasını göndərmişdilər. Bəlkə də, bu nota bizimkiləri qorxutdu və bizim çıxışımızı ləngitdi. Lakin naxallardan qorxmurlar, üzlərinə vururlar. Sizdən xahiş edirəm ki, Məhəmmədə tapşırıq verəsiniz bu barədə bizim türkçü dostlarımızla (Bariman, Atsız, Selime Seden və s.) danışsın. Qəzetlərdə bütün müsəlman qaçqınların Avropadan tez bir zamanda təxliyyəsi uğrunda kampaniyaya başlamaq lazımdır. Qoy bizim dostlarımız bu işi sona çatdırsınlar. Xüsusilə də, İtaliyadakı toplanma düşərgələrində: "Farfa- Sabina", "Fraschette di Alatri", "Lipari-Sicilia"da yerləşən müsəlman qaçqınların dözülməz vəziyyətini qeyd etmək lazımdır, bu, italiyalılara güclü təsir edəcək. Türkiyə komissiyası artıq İsveçrə, Avstriya və Almaniyada olmuşdur və tezliklə yenidən İsveçrəyə qayıtmalıdır. Misirin nümayəndəsi Dr.Həsən İsmayıl həmçinin Avropadakı bütün müsəlmanları ziyarət etdi. Onun zəhmətinin bəhrəsi göz önündədir, onun tələbləri yerinə yetirilir. İki gün bundan öncə hörmətli Cahangir bəy məlumatlandırılmışdır, bu gün isə qəzetlərdə yazılır: “Gələn həftə Misirdən Avropadakı müsəlman qaçqınlar üçün hədiyyə və geyimlə dolu gəmi gələcəkdir". Bu çox sevindirici xəbərdir, ona görə yox ki, hədiyyələr gətirir, ona görə ki, gəminin gəlməsi yerli hökumət nümayəndələrinə göstərəcək ki, bütün müsəlman dünyası müsəlman qaçqınların arxasında durur. Allah kimisə sahibsiz qoymasın. Misirin bu addımı Kababçının iştahasını müəyyən qədər kəsəcək. Ziyadın xəstəliyinə çox-çox təəssüf edirəm. Xahiş edirəm onun səhhəti və ailəsinin vəziyyəti barədə mənə ətraflı məlumat verəsiniz. Onun səhhəti burada, İtaliyada bizə görə zəiflədi. Bir ay yarım boyunca onun şəxsi istirahəti üçün bir günü də olmadı, bütün vaxt ərzində o bizim həyatımızı qurtarmaq üçün çalışırdı. Uca Allah onun mükafatını versin. Mənim şəxsi vəziyyətim həmişəki kimi təhlükəli və ağırdır, lakin mənim həmvətənlərim buradan getməyənədək mən heç yerə getmək barədə düşünmürəm. Allah böyükdür, O mənə kömək edəcək, necə ki, indiyədək edib. Cahangir bəy və onun ailəsindən salamlar. Səltənət xanımın əlindən və uşaqlarınızı öpürəm. Əzizim Ziyadı qucaqlayıram. Sizin Abo. * * * Əbdürrəhman bəy Fətəlibəylinin Ziyad Əbüzziyaya məktubu Əzizim Ziyad bəy! Xəstəliyiniz məni və bütün vətəndaşlarımı üzür. Vəziyyətinizin ağır olduğunu bilməmiş deyilik. Şərq Komissiyası Avropanı dolaşmaqdadır, bizlər isə öz yerlərimizdə daha da artıq təhlükə altında yaşamaqdayıq. Komissiya buraya gəldikdə bizdən artıq ingilis-amerikalılar sevindilər ki, nəhayət, türkləri aparacaqlar. Yüzdən çox vətəndaşımız noyabr ayının 10-na qədər İRO düşərgələrini tərk etməlidirlər. Çox yazmıram. Valya xanım vəziyyəti sizə anladar. Baxın siz və dostlarınız nə edə bilərsiniz (özünüzə zərər toxunmadan). Bizim tezliklə Türkiyəyə sövq edilməyimiz üçün UNO-da olan anlaşmazlıqdan istifadə etməli, Molotov Nyu-Yorka gəldikdən sonra qorxuram vəziyyəti dəyişə - anlaşarlar. Onda sizin “yüksək siyasətçiləriniz” qorxularından bizim adımızı da çəkməzlər. Eşitdiyimə görə, Nurullah Barımanı həbs ediblər. Siz özünüz də həbs olunmaq təhlükəsi altındasınız. Bu "şəkər qardaşlar" nə istəyirlər sizdən? Nə veriblər sizə ki, geri ala bilmirlər. Allah xatirinə üzülmə, bütün fikrini öz səhhətinə ver. Mənim vəziyyətim həmişəki kimi qorxunc və ağırdır, bəlkə də, İsveçrəyə qaçqın getməyə məcbur olacağam. Vətəndaşlarımın ömründən arxayın olsaydım, özümə çoxdan bir çarə qılardım. Mən və bütün əsgərlərim səni bağrımıza basırıq. Sənin Abo. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fetelibeyli-mektublar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1954). Public domain (author died 1954). Original text only.