Məqalələr Əbdürrəhman bəy Fətəlibəyli (1908–1954) Diamat Fəlsəfə, daima ruhu zənginləşməyə xidmət edir. Bolşeviklərə görə, fəlsəfə, bütün elmlərin əsası, elmin birinci və son sözü olan dialektik materializmdir. Yalnız, dialektik materializmin metoduna istinad edərək kainatı, bütün hadisələri öyrənmək olar, yalnız onun metodlarının köməyi ilə bütün elmlər inkişaf edir, böyük icadlar edilir. Sovet məktəblərində oxuduğumuz zaman hərf-hərf bizə öyrədirdilər ki, bütün böyük ixtiraçılar, böyük icadlarını dialektik materializmin köməyi ilə etmişlər. Demək ki, Arximed, Qalvani, Volta, Devi, Faradey, Amper, Araqqo, Qaliley, Küri, Kopernik, Edison, Uaat Uluq bey, Nizami, Şota Rustaveli və başqaları dialektik materializmdən xəbərləri belə olmadan, heç güman etmədən onun metodları ilə faydalanırmış. Böyük filosoflara gəlincə, onların fəlsəfələri dialektik materializm əsaslarına uymadığı üçün elmi, sinfi deyil, buna görə də amansızca rədd edilməlidir. Misal üçün, Feyerbaxın materializmindən bəhs etdiyimiz zaman mütləq qeyd etməliyik ki, Feyerbax Hegelin idealizmini tənqid edərkən böyük bir xəta buraxmış: o, tasın içindən kirli, sabunlu su ilə birlikdə uşağı da bayıra atıb. Hegel nəzəriyyəsindəki bu "uşaq" dialektika imiş. Beləliklə, dialektik materializmə görə, dialektikadan başqa, Hegelin bütün nəzəriyyəsi kirli , sabunlu sudur. Hərb nəzəriyyəçisi və filosofu Karl von Klauzeviçi götürək: Bu şəxsin nəzəriyyəsindən Lenin çox faydalanmışdır. Dialektik materializmə görə, onun məşum xətası odur ki, o, öz nəzəriyyəsində sinifləri deyil, xalqı görürdü. Buna görə o elmə sinfi nöqteyi nəzərlə baxmaq səviyyəsinə yüksəlmədi və Hegelin idealizmində boğuldu. Onun hərb nəzəriyyəsinin yarımçılığı və təzadlığı da bundan irəli gəlir. Xüsusən, Sovet İtifaqında elə bir vəziyyət yaranmışdır ki, alimlər, yazarlar, şairlər, rəssam və bəstəkarlar dialektik materializmsiz bir addım atmırlar. Vəziyyətin vahiməliliyini aydın göstərmək üçün Sovet İttifaqı Elmlər Akademiyası üzvlərinin, 30 dekabr 1930-cu il tarixli “Pravda” qəzetinə verdikləri bəyannaməni xatırlayaq. Akademiklərin bu məcburi bəyannaməsində deyilirdi: “Qarşımızda duran məsələləri” bir metod olan Marks-Engels-Lenin-Stalin metodu ilə həll edəcəyik. Bu o deməkdir ki, Marks-Engels-Lenin-Stalin metodundan istifadə edərək: akademik Orbeli, köpəklər üzərində özünün fizioloji təcrübələrini yürüdəcək, Tşuko, Tşusev, Vesnin, Hüseynov binalar lahiyəsi cızacaq və arxitektor fikrini inkişaf etdirəcəklər. Rəssam, akademik Qrabar rəsmlər çəkəcək, bəstəkar Qara Qarayev və Şestakoviç simfoniyalar yazacaq, akademikyazıçı Şoloxov romanlar yazacaq, Tupolev təyyarələr inşa edəcək və s. Bütün bu işlər dialektik materializm metoduna istinad edilərək görüləcəkmiş. İndi baxaq, Marks bu “elmlər elmini necə yaratdı”. Leninə görə, Marks dialektikanı Hegeldən, materializmi də Feyerbaxdan aldı və onları birləşdirdi. Həm də sadəcə birləşdirmə ilə kifayətlənmədi, o onları “təsis” edərək birləşdirdi, beləliklə, dialektik materializm meydana çıxdı. Bu elm qısaca “diamat” adı altında məşhurdur: onun metodlarından istifadə edərək, çox fikirləşmədən böyük icadlar etmək mümkündür, bütün filosofların nəzəriyyələrini bir saniyədə kirli sabunlu suya çevirmək zor bir iş deyil, onun yardımı ilə çap edərsə, marksizmdən də qaçılır, sonra təkrar-təkrar geri dönülür. Məsələn, dövrün taktikasına görə, Şeyx Şamili ən böyük demokrat deyə qəbul etmək, sonra isə onu İngiltərə və Türkiyənin agenti və xalq düşməni deyə damğalamaq, filosof Heydər Hüseynova Stalin mükafatı verib sonra geri almaq, özünü də həbsə atmaq, Aleksandr Nevskinin məzarını qazıb cəsədini çıxarmaq, generalsimus Suvarovu qan içici çar yaltağı göstərmək, sonra isə onların adına ordenlər təsis etmək, çar zabitlərinin rütbələrini çiyinlərindən kəsmək, sonra isə çar rütbələrini öz çiyinlərinə taxmaq; və ya kilsə sərvətlərini kimi kilsələri qapadıb bütün din xadimlərini güllələmək, dini xalqın tiryəki deyə adlandırmaq, 25 ildən sonra isə “Allahsızlar cəmiyyətini” dağıdaraq rus ortodoks kilsəsinin birinci sitayişkarı kimi panisiavizm, panislamizm, pangermanizm və s. olmağa diamat icazə verir. Diamatın necə bir elm olduğu yuxarıda göstərdiklərimizdən bəllidir. Yuxarıda göstərdiyimiz kimi dialektik materializm universaldır, o insan yaşayışının bütün sahələrini əhatə edir, başqa bir ideologiyanın sızması üçün heç bir işıq yeri buraxmır. Dialektik materializmdə əsas məsələ təfəkkürün (fikriyyatın) materiya ilə qarşılıqlı münasibətidir. Diamata görə materiya primat, təfəkkür isə predikatdır... Bunu Lenin “Materializm və empiriokritisizm” əsərində belə izah edir: “Təfəkkür materiyanın bir funksiyasıdır”. Həqiqət isə bunun əksini göstərir. İnsan öz düşüncəsinin qüdrəti ilə təbiəti və iqtisadiyyatı dəyişdirir və onlardan istifadə edir. İctimai həyat keçmiş nəsillərin elmi, mənəvi və iqtisadi müvəffəqiyyətlərinin üzərində qurulur. Yalnız bu müvəffəqiyyətlərə istinadən insaniyyət irəliləyə bilər. Materiyanın, təfəkkür üzərindəki üstünlüyü haradadır? Bu nəzəriyyəyə görə, təməl istehsal qüvvələri və ona uyğun istehsal münasibətlərindən ibarətdir. Bu təməlin çökməsi ilə üstqurum da yəni, təfəkkür də, elm, fəlsəfə, mənəviyyat, ənənə də çökməlidir. Nə zaman tarixdə belə bir hadisə baş vermişdir? Nəhayət, dialektika haqqında bir neçə söz: Məlumdur ki, ilk olaraq hər şey keçir, hər şey dəyişir” fikrini yunan filosofu Heraklit irəli sürmüş, sonralar bu fikri Hegel inkişaf etdirmişdir. Bolşeviklərin inanclarına görə dialektikanın əsas qanunlarından biri: bir formanın başqa formaya keçməsidir. Hərf-hərf belə deyilir: “Bir forma özünə büsbütün zidd olan başqa forma yaradır”. Əgər cəzalandırıcı Sovet xəncəri komminizmin özünə büsbütün zidd olan hansı bir forma yaradardımı, görəsən? Şübhəsiz ki, bu forma bütün insani hürriyyətləri ehtiva edən kommunizmə daban-dabana zidd olan demokratiya olacaqdır. * * * Koreyada Sovet təcavüzünün məğlub olması (Koreya hadisələrinin 2 illiyinə) Sovet imperialistlərinin bəşəriyyətə qarşı törətdikləri sonsuz qanlı cinayətlər içərisində Koreyadakı təcavüzkarlıq ən ağırıdır. Kreml Koreyada müharibəyə başlayaraq, çalışırdı ki,müharibə alovunu bütün dünyaya yaysın. Siyasi Büro istəyirdi ki, gələcəkdə bütün Asiyaya müharibə yaymaq məqsədilə Yaponiyaya hücum etmək üçün Koreya hadisələrindən istifadə etsin. Eyni zamanda sovetlər öz süni peyklərindən istifadə edərək, Avropada qızğın müharibəyə hazırlıq görürlər, Şərqi Almaniyada yüksək çalışqanlıqla öz silahlı qüvvələrini bərpa edirlər, azad dünyaya hücum etmək üçün bütün kommunist qüvvələri səfərbər edirlər. Sovet imperialistləri başladıqları dağıdıcı müharibəyə uzun müddət ərzində hazırlaşmışdılar. 1945-ci ildən Siyasi Büro bütün enerjisini Koreyanı işğal etməyə və əhalisini əsas qüvvə qismində, ərazisini isə Uzaq Şərqdə müharibə etmək üçün istifadəyə yönəltmişdir. Bu məqsədlə sovetlər Şimali Koreyada qəddar sovet rejimi təsis etdilər. Şimali Koreya qoşununu silahlandırdılar, təlim verdilər və 1950-ci ilin 25 iyununda Cənubi Koreyaya qarşı müharibəyə başladılar. Sovet təcavüzkarları Cənubi Koreyaya hücuma hazırlaşarkən hesab edirdilər ki, bu hadisələr Şimali koreyalıların əli ilə asanlıqla həyata keçəcək və onlar üçün cəzasız olacaq. Lakin sovet imperialistləri Koreyada planlarını həyata keçirə bilmədilər. Kreml xalqa qarşı qardaş müharibəsinə başlayaraq, çalışırdı və çalışır ki, maxinasiya vasitəsilə öz imperialist üzünü gizlətsin. O, bildirirdi ki, bu hadisələrdə guya Şimali Koreyaya hücum edən Cənubi Koreya günahkardı. Bu faktların kobud və həyasızcasına saxtalaşdırılması, dünyəvi ictimai fikri çaşqınlığa salmaq və Koreyadakı müharibəni xəstə başdan sağlam başın üstünə atmaq məqsədi daşıyırdı. BMT-də ABŞ-ın nümayəndəsi Vorren Ostin sovetlərin siyasətini belə xarakterizə edirdi: «Sxem çox sadədir: Hər hansı bir ölkədə kommunist üsyanı təşkil etmək, sonra öz diviziyasını təcavüzkarlara köməyə göndərmək və onları «könüllü» adlandırmaq, sonra isə hücumun qurbanlarına yönəlmiş beynəlxalq köməyə qarşı çıxmaq». Burada Stalinin «Hərbi doktrinası»nın qısa və dəqiq xarakteristikası verilib: Onun mahiyyəti əsas düşmənə qarşı zərbə əvəzinə, əsas zərbəni bir sıra dağınıq, guya bir-biri ilə əlaqəsi olmayan hərəkatlara qarşı zərbələrlə əvəz etdirməkdir: Koreya, Tibet, Hindistan-Çin. Bu zaman bütün bu aksiyalar yerli əllər tərəfindən aparılır, Siyasi büro isə kölgədə qalır və «alçaldılmışların» və «təhqir olunmuşların» himayədarı rolunda çıxış edir. Qələbə zamanı şan-şöhrət Stalinin idi, məğlub olanda isə eybi yoxdur! Onsuz da sovet qoşunu döyüşmürdü ki, koreyalıların, tibetlilərin və s. qanı tökülürdü, evləri məhv olurdu. Sovet imperialistləri Koreyadakı bu təcavüzkar müharibəyə uzun müddət və səylə hazırlaşırdılar. Onlara elə gəlirdi ki, hər şey kiçik detallarına qədər nəzərə alınıb, hesablanıb və öz uğurlarına az da olsa şübhə etmirdilər. Lakin Kreml ən əsasını nəzərə almamışdı ki, qanlı düşüncələri onları əvvəlcədən qaçılmaz məğlubiyyətə aparır. O, nəzərə almamışdı ki, yalnız Cənubi Koreyanın qoşunları ilə yox, həmçinin bütün demokratik dünyanın əsgərləri ilə vuruşmalıdır. O, nəzərə almamışdı ki, sovet təcavüzkarlığı bütün xalqların ciddi etirazına gətirib çıxardacaq. Məhz buna görə də, Koreyadakı müharibə ilk günlərindən sovetlərin gözləmədiyi tamamilə başqa bir şəkil aldı. Sovetlərin hesab etdikləri qələbə əvəzinə, bir-birinin ardınca məğlubiyyətə uğradılar. Sovetlərin Koreyadakı macərası azad xalqların qəzəbini son həddə çatdırdı və sovet imperialis təcavüzkarlarına qarşı nifrət yaratdı. Çünki bütün xalqlar kimi Koreya xalqının da hüququ var ki, öz həyatını sərbəst qursun və sovetlərin müdaxiləsi olmadan azadlığın hər hansı bir xeyirindən istifadə etsin. Sovetlərin Koreyadakı təcavüzkarlığının ilk günündən etibarən ABŞ-ın və Şimali Atlantikanın müdafiə paktına daxil olan bütün ölkələrin hərbi gücü sürətlə yüksəldi. Sovet imperialistlərinin yeni dünya müharibəsinə açıq-aşkar hazırlığı azad ölkələri daha da bir-birinə bağlayır, yaxınlaşdırır, digər tərəfdən isə bütün əzab-əziyyətlər bizim xalqın üzərinə düşür, onların yoxsulluğunu və əzabını artırır, çünki sovet hərbi istehsalının artması onsuz da sənayenin az sayda olan sahələrinin hesabına baş verir. Siyasi büro Leninin «zəncirdəki əsas nöqtə» nəzəriyyəsindən çıxış edərək əsas hərbi meydan qismində Asiyada Çini, Avropada isə Almaniyanı təyin edir. Bu məqsədlə sovetlər səylə Şərqi Almaniyanın silahlı qüvvələrini bərpa edirlər, Çinin hərbi sənayesini inkişaf etdirirlər ki, 3-cü yeni müharibə azad dünyanı məhv etməli və Siyasi Büronun hökmranlığını təsis etməlidir. Lakin bu avantürist fikirlər sovetləri uçuruma apardı. Sovet imperializminin rəhbərləri öz düşərgələri ilə demokratik düşərgə arasında real gücün fərqini nəzərə almadan ІІІ dünya müharibəsini başlamağı və dünyəvi hökmranlığı əldə etməyi planlaşdırırdılar. Stalinin dünyadakı hökmranlıq planları Hitlerin planlarına nisbətən daha köksüz, zəif idi. Dünya tarixində ilk dəfə olaraq, vahid azad dünya uğrunda hərəkətin tam da olmasa təşkili müasir dövrün ən möhtəşəm hadisələrindən sayılır. Bu ondan xəbər verir ki, azad dünya iki sistemin eyni zamanda olmasına inanmır və Kreml tərəfindən əsarətə alınmış xalqların azad etməsini özünün əsas işi hesab edir. Azad xalqların müasir mücadiləsinin əsas xüsusiyyəti ondan ibarət idi ki, o bütün ölkələrdə yalnız bu ölkələrin daxilində kommunizmə qarşı yox, həmçinin yeni müharibənin və beynəlxalq Çekistin təşkilatçısı olan dünyanın bütün xalqlarının azadlığına və milli müstəqilliyinə qarşı çıxan Sovet imperializminə qarşı yönəlmişdir. Vahid azad dünya uğrundakı hərəkatın artması nəinki, Sovet imperialist düşərgəsinin qəzəbinə gətirib çıxarırdı, həmçinin bu onları qorxudurdu. ABŞ-ın rəhbərlik etdiyi vahid azad dünya uğrundakı hərəkat və Alan Kerkin rəhbərlik etdiyi Amerika Komitəsi bu hərəkatın özəyi kimi öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan sovetlərin təsiri altında olan xalqların qələbəyə inamını gücləndirirdi. Demokratik gücün möhkəmliyinin zəmanətçisi azad xalqların Kreml diktatorluğunun tabeliyində olan xalqlarla sıx əlaqədə olması idi. Hər hansısa bir şübhə ola bilərmi ki, əgər sovet imperialistləri ІІІ Dünya müharibəsinə başlasalar, onda bu ittifaq axırıncı imperializmə – sovet imperializminə son qoyacaq! Qanlı Sovet imperializmi tarixin dəhşətlərini unudaraq, öz təcavüzkarlıqları və amansızlıqları ilə Hitler imperializmini üstələdilər və Hitler imperializminin getdiyi və sona çatdığı abırsız yol ilə sonluğa doğru addımlayır. * * * Kommunizm-Utopiyadır Məlumdur ki, bolşeviklər özlərini ortodoks marksist sayırlar. Başqa sözlə, bolşeviklər üçün Marksdan başqa Allah yoxdur, Stalin də onun peyğəmbəridir. Marksizmdə əsas məsələ nədir? Bolşeviklərin öz etiraflarına görə, Marksizmdə baş və əsas məsələ proletar diktatorluğu məsələsidir. Bütün başqa məsələlər buna tabedir və bundan irəli gəlir. Proletar diktatorluğuna gətirən başlıca yollar sinfi mübarizə və vətəndaş müharibəsidir. Marksın təyin etdiyinə görə, proletar diktatorluğunun başlanğıc dövrü bütün köhnə dövlət mexanizmini, bütün milli ənənələri, adətləri, mənəviyyatı və mədəniyyəti yıxmaq, dağıtmaq, parçalamaq, məhv etməkdən ibarətdir. "İnternasional"ın sözləri ilə ifadə etsək, "Yıxaq bu köhnə cahanı..." Proletar diktatorluğunun ikinci dövrü qurulmuş dövrdür”. "Quraq yeni bir aləm..." Bolşeviklərə görə bu yeni aləm, yenə də çeşidbaçeşid qeyri-proletar elementləri əleyhinə yaşayışın hər sahəsində, köhnə rejim qalıqları əleyhinə amansız sinfi mübarizə nəticəsində qurulmalıdır. Nəticə etibarilə proletar diktatorluğu qurulduqdan sonra belə, sinfi mübarizə nəinki, zəifləyir, əksinə, daha şiddətlənərək "yeni aləm quruluşunun" bütün sahələrini də bürüyür. Beləliklə, biz görürük ki, Stalinə görə sosializm quruluşu ancaq sinfi mübarizə əsasında mümkündür. Xalqın bütün təbəqələrinin qüvvələrini, qeyri proletar ünsürlər də daxil, sülhən sosializm quruluşuna cəlb etməyə cəhd etmək, proletariata, maksizmə xəyanət olduğundan sosializm quruluşunu fəlakətə sürükləyə bilər. Buxarin və onun tərəfdarlarının qeyri-proletar ünsürlərini sülhən sosializm quruluşuna cəlb etmək nəzəriyyəsi və onların bu yolda səmərəsiz addımları və faciəli aqibətləri hər kəsə bəllidir. Milyonlarla insan qeyri-proletar, sinfi düşmən deyə damğalandı və kütləvi halda məhv edildi. Bu adamlar sırasında yalnız aristokratları deyil, Ordu və Donanma zabitlərini, məmurları, ziyalıları, qolçomaq deyə adlandırılan kəndlilərin ən zəhmətkeş qismini soydular və məhv etdilər. Məhv edilmiş beş milyon qolçomaq ailəsi ilə kifayətlənmədilər. "Stalin sosializminin" daha sağlam quruluşu üçün "qolçomaq quyruğu" damğası altında başqa kəndliləri də məhv etdilər. Sonra isə çeşidbəçeşid bəhanələrlə, partiyada, sənayedə, kənd təsərrüfatında, orduda, donanmada, elmi müəssisələrdə, müxtəlif "ünsürlər" məhv edilirdilər. Həqiqətən, komunizmin həyata tətbiqi dəhşətli oldu. Bütün insani həyatın əsaslarını sarsıdan kommunizm nəzəriyyəsinin çürüklüyünü və öldürücülüyünü, dünyanın altıda birində yaşayan bədbəxt insanların üzərində aparılan təcrübələrdə gördük. Hər dəfə sovet hökuməti kommunizmdən müvəqqəti çəkilməklə fəlakətdən qurtarmışdı. Məsələn, hərbi kommunizm dövründə Sovet hökuməti mütləq ölümə doğru gedirdi. Yeni iqtisadi siyasətə - NEP-ə keçməklə Lenin onu bu fəlakətdən qurtardı. Kommunizmin nəzəriyyəsi ilə azacıq tanış olanlar bilirlər ki, NEP-in kom- munizmlə heç bir əlaqəsi yoxdur. Buna görədir ki, o müsbət nəticələr verdi və beləliklə, Lenin Sovet hökumətini yaşatmağa, bolşevik hökmranlığını davam etdirməyə müvəffəq oldu. Hətta, bolşevik idarəsi altında, kommunizm nəzəriyyəsindən müvəqqəti ayrılmaq iqtisadi həyatın, rifahın yüksəlməsini təmin etdi. Fəlakətdən qurtardıqdan sonra bolşeviklər NEP-ə dözə bilərdilərmi? Əsla, yox! Əks təqdirdə isə onlar bolşeviklikdən çıxardı. Qısası, yox olub gedərdilər. Maraqlısı budur: çoxları mülahizə edir ki, əgər Lenin həyatda olsaydı, o zaman yaşayış başqa cür olacaqmış. Çünki Lenin kommunizmin çürüklüyünü başa düşdükdən sonra, ondan yan keçdi və kommunizmlə heç bir əlaqəsi olmayan yeni iqtisadi siyasəti yaratdı. NEP-in məhvi Stalinin günahıdır. Əgər bu mülahizələr doğrudursa, əgər Lenin özü komminizmin həyata tətbiqinə inanmırmışsa, nə deyək bu komminizmə. Budur, "Qanlı toxumu", qanlı meyvəsi olan proletar diktatorluğunun iç üzü. Proletar diktatorluğu da kommunist çərçivəsi içində yaşaya bilmədi. Kronstadt matrosları "kommunistlərsiz demokratiya" şüarı altında üsyan qaldırdılar. Bunun nəticəsində, proletar diktatorluğunu boğub, onu kommunist partiyasının diktatorluğu ilə əvəz etdilər. Leninin ölümündən sonra partiyada da müxalifət çıxdı, partiyanın da diktatorluğunu onu Mərkəzi Komitənin diktatorluğu ilə əvəz etdilər. Sonra isə hökmranlıq Siyasi Büroya keçdi və nəhayət Stalin təkbaşına hökmran oldu. Bu gün Sovet İttifaqını idarə edən Beriyalar, Malenkovlar, Molotovlar və Bulganinlər Stalinin idarəsini kor-koranə ifa edən kölələrdir. * * * Kreml hür dünyanın gözü önündə hüriyyət əleyhinə "Xalqlar" konqresi çağırdı Kremlin əmri və hüdudsuz maddi yardımı ilə (Kominternin-Kominformun uşağı) olan Dünya Sülh Şurası adından, 12 dekabr 1952-ci ildə Vyanada "Xalqların Sülhü Müdafiə konfransı" açılmışdır. "Sülh hərəkatı" vaxtilə Politbüronun (Siyasi Büronun - N.Y.) gizli dərinliklərində başlamış və güclü pul sayəsində sürətlə genişlənmiş, 1949-cu ildə isə "Sülh tərəfdarları dünya konfransı" çağırılmışdır. Bu konfransdan sonra hür (azad) məmləkətlərdə "sülh tərəfdarları" milli təşkilatları qurulmuş və yuxarıda adı çəkilən mənfur "Dünya Sülh Şurası" meydana gətirilmişdir. "Dünya Sülh Şurası" Kremlin tükənməz yardımı və rəhbərliyi altında qaynar bir fəaliyyətdə olmuş, "millətlərarası gərginliyi yumşaltmaq" uğrunda çox çalışmışdır. Türlü məmləkətlərdə mitinqlər, toplantılar, görüşmələr tərtib edilmişdir. "Sülhçülər" xalqların ən geniş təbəqələrinə, müxtəlif dini, siyasi və sosial gorüşləri olan ən müxtəlif təşkilatlara, hərəkatlara, cərəyanlara soxulmağa müvəffəq olmuşlar. Tükürpədici yalanlar nəticəsində hür məmləkətlərin bir çox təşkilatlarını da Vyanaya qədər sürükləmişlər. Dünyanın ən müxtəlif sosial və ictimai təbəqələrinə soxulub onları sovet imperializminin xidmətinə qoymalı-Kremlin bu əmrini "Dünya Sülh Şurası" qısa zamanda artıqlaması ilə ifa etmişdir. Konfransa başqanlıq edən Fridrix Jolio-Kuri bu haqda qürurla məlumat vermişdir. O, kommunistlərə münasib paxıllıqla dünya kültürünün böyük adamlarının müqəddəs xatirələrinin çözülməsindən uzun bəhs etmişdir. Konfrans Sovetlər İttifaqı Kommunist Partiyasının 19-cu qurultayı qərarları üzrə cərəyan etmişdir: "Dünya sülhü uğrunda", "Koreyada hərbin durdulması uğrunda", "Xalqların hürriyyət və bağımsızlığı sarsılmaz sülhün zəruri şərtidir", "Millətlərin bağımsızlığı və təhlükəsizliyi uğrunda", "İki sistem paralel yaşaya bilər" və s. Köhnəlmiş və çürümüş "dünya kommunist inqilabı" şüarları ilə deyil, Kreml yuxarıda qeyd edilmiş yeni taktiki şüarları ilə müxtəlif cərəyanları, müxtəlif görüşlü adamları Vyanaya gətirməyə də müvəffəq olmuşdur. Bu konfransda Qərbin müharibəni önləmək yolunda bütün təşəbbüsləri "təcavüzkar" deyə damğalandı və "millətlərüstü təşkilatlar" məfhumu uyduruldu: Atlantik, Paris və Bonn müqavilələrini "millətlərüstü təşkilatlar" kateqoriyasına aid etdilər və millətlərin bağımsızlığına bir təcavüz deyə vəsfləndirdilər. İlya Erenburq İngiltərənin və Latın Amerikasının bağımsızlığının "yox olmasına" fəna halda "acıyaraq" bunları söylədi: "Keçmişdə insanlara öz dövlətinizin istiqlalını müdafiə etmək üçün həyatınızı fəda etməlisiniz deyirdilər. İndi isə onlara deyirlər: irəlidə həyatınızı fəda etmək üçün əvvəl öz dövlətinizin istiqlalını qeyb etməlisiniz". Bəli, Kreml daima bu tərzdə hərəkət etmiş və etməkdədir: əvvəl dövlətlərin bağımsızlığını çeynəyir, sonra isə onların haqlarını öz ehtiraslarına qurban edir. Əcəba, Sovet diktatorları hökm etdikləri millətlərin qeydsiz-şərtsiz istiqlallarını tanımağa heç yaxınlaşarmı? İlya Erenburq konfransda iştirak edənlərə milyonlarla neytralistlərin (tərəfsizlərin) hisslərini istismar etmək üçün göstərişlər vermiş və demişdir: "Neytralizm Qərb xalqlarının öz bağımsızlığı uğrunda yürütdükləri savaşın bir simptomudur". Qərbi Almaniya neytralistlərin hərəkətlərini və fəaliyyətlərini öyrəndikdən sonra bütün neytralistlərə Kremlin bu əmrini açıqladı: "Qərbə qarşı qışqırın - onda "bizimləsiniz", amma Moskvaya söyləyin: "biz sizinləyik". Əslində "neytrallıq" belə olmalıdır. "Xalqların Sülhü Müdafiə konfransında" hər şey Kremlin istədiyi kimi olmadı. İtaliyalı Alessandra Piaycionun ifşası bomba kimi partladı. Britaniya nümayəndəsi Harmonun söylədikləri: Sovetlər Hind layihəsini rədd etməklə, hərb əsirlərini Sovetlər İttifaqında saxlamaqla dünyada əndişəli vəziyyət yaratmışlar. Vışinskinin Hindistan sülh layihəsi əleyhinə kəskin çıxışı sülhə olan son ümidləri suya batırdı. İsveç yazarı Erik Axel Blomberq sovetlərin kiçik dövlətlərə qarşı təcavüzkar olduğunu söylədi. Fransız papası Rene Ronyon göstərdi ki, sovet siyasətçiləri başqa xalqların psixolojisi ilə heç hesablaşmaq istəmirlər. Hər kəsə məlumdur ki, "xalq demokrasiləri" Sovetlərin zoru ilə yaranmışlar. İsveçrəli Hüqo Kramer öz çıxışında İlya Erenburqa müraciət edərək soruşmuşdu: "Elə düşünmürsünüz ki, Amerika əleyhinə etdiyiniz ittihamlar sırf Sovetlərə qarşı edilməlidir". Bu şəxsiyyətlərin çıxışları haqda sovet mətbuatı bir kəlmə belə yazmır. Amerika əleyhinə çıxışlar isə təfsilatı ilə bütün sovet mətbuatında nəşr edilmişdir. 12 yanvar 1953-cü il tarixli "Pravda" "Xalqlar konfransının qərarlarını kütlələrə yetirməli" başlıqlı baş məqaləsində yazırdı: "Konfrans yeni hərb təhlükəsinin qarşısını almaq üçün xalqların beynəlxalq hərəkatı tarixində mühüm mərhələ oldu... Konfransın qərarlarını müzakirə etmək üçün indi hər yerdə böyük ruh yüksəkliyi şəraitində kütləvi mitinqlər və iclaslar keçirilir. Milanda, Romada, Turində və İtaliyanın başqa şəhərlərində bu cür mitinq və toplantılarda minlərcə insan iştirak etmişdir. Çinin şəhərlərində, Varşava və Budapeştdə, Paris və Brüsseldə də zəhmətkeşlərin kütləvi mitinqləri olmuşdur. Mitinq və toplantılarda xalqlar konfransının nümayəndələri çıxış edirlər". Əslində "Pravda"da Sovetlərin Hür Dünya xalqlarını hürriyyət əleyhinə səfərbər etmələrindən açıqca və həyasızca yazır. "Xalqlar Konqresi"nin "sülh", "istiqlal", Koreyada hərbin qurtarması" və s. haqda çıxardığı qərarların mahiyyətini Avstriya Daxili İşlər Nazirliyindən öyrənirik: "Xalqların Sülhü Müdafiə Konfransının" gizli komissiyasında bu qərar verilmişdir: bütün dövlətlərdə sülh tərəfdarları təşkilatları nəzdində xüsusi bürolar qurulmalı ki, məmləkətlərin silahlanmaq işlərinə nəzarət etsinlər və hər böyük hərb istehsalatı fabriklərində bu büroların nümayəndələri olmalıdır. Bunlar silahların miqdarı, növü və xüsusiyyəti haqqında məlumat toplamalıdır". Qısası, "sülh", "bağımsızlıq" yolu ilə sovet casusluğu hür məmləkətlərdə qanunlaĢdırılmaqdadır. Əcəba, Komintern Moskvada oturarkən və "dünya kommunist inqilabı" bayrağı altına xalqları çağırarkən bu qədər təşkilatları, cərəyanları, hərəkatları Kremlin xidmətinə çıxa bilərdimi?.. Halbuki, "Dünya Sülh Şurası" Hür Dünyada yerləşərək "sülh", "bağımsızlıq" və s. uğrunda savaşaraq kommunizmlə heç bir əlaqəsi olmayan türlü təşkilatları, cərəyanları və geniş xalq təbəqələrini sovet imperializminin xidmətinə qoymuşdur. Beləcə, həqiqi hürriyyət savaşçıları olan antikommunist qüvvələrinin laqeydliyindən Kreml hür insanların qüvvəsi ilə hürriyyətə hücum edir. Saysız, hesabsız antikommunist cəmiyyətləri, təşkilatları satıcılar kimi təkbaşına çalışırlar. Dağınıq halda olan antikommunist ictimai təşkilatlarının birləşərək tək və hür bir Dünya uğrunda böyük bir hərəkat yaratmalarının zamanı artıq gəlmişdir. Bu hərəkat bütün dünya hürriyyəti uğrunda sovet imperializminə qarşı amansız mücahidəyə keçməlidir. Daima olduğu kimi, yenə də Azərbaycanın səhifələrindən bütün antikommunist təşkilatlara müraciət edərək tək və hür bir Dünya hərəkatı yaratmalarını rica edirik. «Azərbaycan» jurnalı, Münhen, 1953-cü il yanvar, № 8 * * * Sovet–Fin hərbi (Sovet–Fin hərbi bitməsinin 3-cü ildönümü) İLK HƏFTƏ Ən mühüm Vıborq istiqaməti sayılırdı. Bütün gözlər 7- ci orduya dikilmişdi. Mərkəzdən göndərilmiş yüzlərlə müfəttişlər, nə ordu kapitanı Yakovlevi, nə də qərargah rəisi Qordov ilə başqa qərargah zabitlərinə işləməyə imkan vermirdilər. Müharibə başlamamışdan bir həftə əvvəl Qızıl ordunun siyasi idarə müdiri Mexlis gəldi. Bütün qərargah zabitlərini, şöbə müdirlərini topladı və dedi: “Almaniya 33 milyon əhalisi olan Polşanı 18 gündə məğlub etdi. Biz kiçik, 3 milyon, 800 min əhalisi olan Finlandiyanı bir həftəyə məğlub etməliyik ki, bütün Avropa qarşımızda baş əysin.” Vıborqun iki həftəyə zəbt olunacağını proqnozlaşdıran qərargahın döyüş planına uzun müddət hamı güldü. Lakin finlərin gözqamaşdırıcı, qəhrəman müqaviməti rusların ildırımsürətli qələbə haqqında bütün xəyallarını puç etdi. Müharibənin birinci həftəsinin sonunda ordu kapitanı Yakovlev, qərargah rəisi Qordov və operativ şöbənin müdiri Malinin Finlandiyanı istila etmək planını vaxtında yerinə yetirmədikləri üçün vəzifələrindən çıxarıldılar. 7-ci ordu komandirliyi Meretskov, qərargah rəisiliyinə İsserson, hərbi hissə komandanlığına Jdanov və başqaları təyin edildilər. Finlər 7-ci ordunu ağır itkiyə uğradaraq plan üzrə olduqca yavaş-yavaş geri çəkilirdilər. Bəzən əks hücuma keçərək cəbhənin müxtəlif bölgələrində qızıl ordu hissələrini darmadağın edirdilər. Belə bir zərbə nəticəsində 70-ci Diviziya alayı böyük itki verərək 8 kilometrliyinə geri çəkilmək məcburiyyətində qaldı. Vəziyyətdən çıxmaq üçün 44-cü Diviziya sağ qanaddan alınaraq 70-ci Diviziyaya köməyə göndərildi. Hətta “yüksək şəxslərin” də orduya rəhbərliyi ruslara yardım etmədi. Uzanan müharibədə gündə minlərlə insan həyatı məhv olurdu. Ordunun yeni qərargah rəisi İsserson da öz vəzifəsində çox qala bilmədi. Fevral ayında onu vəzifəsindən ataraq Kalinin şəhərinə ehtiyat alaya komandir təyin etdilər. Diqqəti cəlb edən budur ki, bu adam qərargah rəisiliyinə gəlməzdən əvvəl diviziya generalı idi, on gündən sonra isə ordu generalı rütbəsinə yüksəltdilər. Qərargah rəisliyindən çıxarıldıqdan sonra isə albay rütbəsinə endirildi. Petsamodan Vıborqa qədər uzanan bu cəbhənin Şimal bölgəsində işlər daha bərbad halda idi. Sovet İttifaqı qəhrəmanı Şternin komandanlığı altında olan 8-ci ordunun diviziyaları mühasirədə qırılırdı. Voroşilovun əmrində Diviziya komandanı Vinoqradov əsgərlərin qarşısında güllələndi. Finlər Vinoqradovun donmuş cəsədinin tapıldığını xəbər verdilər. Bunun əksi olaraq Sovetlər Vinoqradovun sağ-salamat Diviziyain başında olduğunu elan etdilər. Göründüyü kimi finlərin xəbəri həqiqətə uyğun deyilmiş. Sovetlərin xəbərləri isə başdan-başa yalan idi. Nə komandanların dəyişdirilməsi, nə güllələnmə üsulu, nə də başqa zalımlıqlar Sovetlərə vəziyyəti öz xeyirlərinə dəyişməyə kömək etmirdi. Mannerheim xətti yarılmadan sarsılmaz qalırdı. Cəbhəyə Sibirdən yeni diviziyalar gətirildi. Ümumiyyətlə, üç ay içində 7-ci ordunun hissələri üç dəfə qüvvələrlə doldu. Mərhəmətsiz və mənasız tələfatlar bütün cəbhələrdə verilirdi. Bu yerlərdə Qızıl əsgər qanı ilə boyanmamış bir kvadrat metr torpaq belə tapılmazdı. Belə qısa bir zamanda bu qədər insan tələfatı hələ görünməmişdi. Donma təsiri altında ölmək insana qorxu verən bir hal almışdı. Əsgərləri xüsusən, minalar və “gu quşları” qorxudurdu. Bu minaların dəhşətindən əsgərlər torpağa addım basmağa çəkinirdilər. Torpağa etibar etmirdilər.Həqiqətən də bundan daha qorxunc heç nə ola bilməzdi. Hər hansı başqa bir silah bu qədər ruhsarsıdıcı qorxu verməzdi. Mina kəşfiyyatçılarının isə dəli olmasına tez-tez rast gəlinirdi. Həm əsgərlər, həm də nəqliyyat yalnız açılmış izlər üzərindən hərəkət etməyə çalışırdı. Bu səbəbdən yollar hər cürə maneələrlə dolu idi. Hərəkət büsbütün pozulmuşdu. Leninqraddan başlayaraq cəbhəyə qədər bütün yollar əsgər və nəqliyyatla dolu idi. “QU QUŞLARI” VƏ “MİNSK FİNLƏRİ” Qu quşu? Onları məğrur qartal adlandırırdılar. Bu adı onlar özləri qazanmışdılar. Bu ağ geyimli, “Suomi” avtomatı ilə silahlanmış, 40 dərəcə soyuqda düşmən əsgərlərini ağacın başında oturub güllə ilə kəsən Fin oğulları idi. İrəliləyən Qızıl əsgərlər hara baxacaqlarını bilmirdilər. Minaların üzərinə addım qoymamaq üçün yerə, yoxsa düşmən gülləsinə tuş gəlməmək üçün yuxarı baxsınlar. Lakin bütün bunlar hamısı boşuna idi. Çünki nə minalar, nə də “quqquq quşları” görünmürdülər. “quqquq quşları” nəqliyyatın hərəkətinə əngəl törətmək üçün yol üzərində minalar quraşdırırdılar. Bu minaları təmizləmək üçün maşınlardan düşənlər ağaclardan avtomat güllələri ilə vurulurdular. “Quqquq quşları” yollarda “müstetiller” qururdular, yəni dörd Fin əsgəri yolun üstündə, ağacların başında otururdu. Onların silahları yolun bu hissəsini tamamilə öz nəzarəti altında saxlayırdı. Onlar ancaq hərəkət edən dinc əhaliyə atəş açmırdılar. Amma əsgərləri, hərbçiləri bu “müstetile” buraxdıqdan sonra dörd tərəfdən onları atəşə tuturdular. Qızıl ordunun əsgərləri arasında itkilər çox olurdu. Gözləmədikləri halda atəşə məruz qalmış insanlar yolun kənarlarına atıldıqları zaman tez-tez “müstetilin” ətrafında basdırılmış minalara dəyirdilər. Sovetlər Finlandiya əleyhinə Minsk “finləri” şıddetli siyasi hərbi də açmışdılar. Kuusineni kominternin bəzəkli sarayından çıxarıb əldəqayırma “Fin xalq hökumətinin” rəisi təyin etdilər. Bu marionet Fin hökuməti ilə müqavilə də imzalandı. Bu müqavilə Helsinkidə təsdiq olunmalı idi. Kuusinenin Fin xalqına müraciətləri, kitabları, deklarasiyaları gündən-günə Sovet qəzetlərinin sütunlarını doldurur, radio ilə yayılırdı. Bu çıxışlarda Kuusinen Finlərə, silahları öz hökumətləri əleyhinə çevirməyə dəvət edirdi. Buna cavab olaraq Finlər milli şərəf, heysiyyət və qürurlarını müdafiə edərək daha şiddətlə vuruşurdular. Kuusinen hökumətinin bir xalq hökuməti olduğunu isbat etmək üçün Sovet qəzetləri tez-tez Kuusineni “Fin xalqı” ilə görüşdürür və bu görüşlər münasibəti ilə xalqın “çılğın sevinclərini” təsvir edirdilər. Bir dəfə “Leninqradskaya Pravda” qəzetində yazılmışdı ki, guya Terioki şəhərində 40 min adamın iştirakı ilə mitinq olmuş və bu mitinqdə bütün əhali Kuusinen “Xalq hökumətini alqışlamışdı”. Belə xəbərə heyrət etdik. Çünki bütün Finlər evlərini yandıraraq geri çəkilirdilər. Teriodakı şəhərdə yalnız bir qoca qadın və yaşlı kişi gördük. Onlar da Fin deyil, estoniyalı idi. Bu qocalara geri çəkilmədiklərinə görə əldə olunmuş qənimətlərdən hədiyyələr verildi. Sovet qəzetinin bu uydurmasına təəccüb edib dostumdan “Teriokidə hər hansı bir Fin gördünmü?” – deyə, soruşdum. O, dedi: "Mən də sənin kimi nə Teriokidə, nə də başqa yerlərdə bir Fin belə görmədim". “Leninqradskaya Pravda” qəzeti daha böyük rəqəm göstərə bilirdi,məsələn, “təvazökarlıq” edərək 40 min göstərmişdi. Moskva tərəfindən bir “Finlandiya xalq ordusu” da təşkil olunmuşdu. Bu, ordunun əsgərlərinin az bir hissəsi Sovet Karelyasından toplanmışdı, əksəriyyəti isə ruslar, ukraynalılar və beloruslar idi. Bunlara 1939-cu ildə Polşadan oğurlanmış əsgər paltarları geyindirmişdilər. Onları döyüşə cəlb etmirdilər. Bu ordu hissələri “öz mərkəzləri” Helsinkiyə ilk səfərlərdə mahnılarla daxil olmaq üçün hazırlanırdılar. Bu “Fin xalq ordusu” haqqında qızıl əsgərlər arasında ağızdan ağıza belə bir lətifə yayılmışdı: “bir qızıl əsgər zəif bir səslə dostundan, Fin minasına heç rast gəldinmi, deyə soruşur. İkinci cavabında, mənim rastıma çıxan Minsk Finlərinin qabağında Fin minaları heç nədir,- deyir”. Belorusun paytaxtı Minsk şəhərindən toplanmış “Finlər” məlumdur ki, Finlandiyada Petsamodan Vıborqa qədər uzanmış bir cəbhə boyunu müdafiə etməyə məcbur idi. Finlərin əsgərlərinin sayı, hərbi güclərinin, top, tank və təyyarələrinin miqdarı sovetlərinki ilə müqayisə edilməyəcək dərəcədə az idi. Kareliyə bölgəsində isə Sovet əsgərlərindən və hərbi texnikadan boş bir nöqtə belə tapıla bilməzdi. Buna görə də təyyarədən atılan hər bir bomba hədəfə çatacaqdı. Finlərin hərbi texnikası olmadığından sovetlər əsgəri hissələrini hücum xəttinə qədər asanlıqla çəkib gətirə bilirdilər. Yalnız bu məsafədən Finlər tüfəng, avtomat və makinalı tüfəng atəşi ilə təsir edə bilirdilər. Amma mükəmməl təsir edirdilər. Az bir vaxtda ölülərdən təpələr yüksəlməyə başlamışdı. ORDENSİZ (MEDALSIZ), AMMA TƏZƏ REZİN Əgər Finlandiya Sovet-Fin müharibəsi dövründə Sovetlərin cəbhəyə tökdükləri hərbi texnikanın 25 faizinə malik olsaydı, o halda ilk bahara qədər Vıborqa yaxınlaşmaq belə mümkün olmazdı. İlk baharda isə bütün hərəkət dayanacaqdı. Çünki Finlandiyada ilk baharda hücum hərbi yürütmək, demək olar ki, imkan xaricindədir. Hətta Mart ayının əvvəllərində, 1940-cı il 6-9 mart tarixləri arasında donun açılması üzündən nəqliyyatın hərəkəti çox çətinləşdi. Bəllidir ki, Finlandiyada hücum hərbi üçün ən uyğun zaman yaz və qışdır. Buna baxmayaraq qızıllar bütün müvəffəqiyyətsizliklərinin günahını yazıq qışın boynuna atırdılar. Halbuki qoca qış bütün gölləri dondurmuş hava limanını, çölləri isə yollara çevirmişdi. Bütün müvəffəqiyyətsizliklərin günahı isə Sovet sisteminin özündə, bolşevik rəhbərlərinin istedadsızlığında və qabiliyyətsizliyində idi. Əsgəri hissələrinin özündə də qarmaqarışıqlıq çox idi. Bu qarmaqarışıqlığı da yuxarıdan Stalin, Voroşilov və onların müavinləri törədirdilər. Qızıl ordunun siyasi idarəsinin, NKVD və hərbi prokurorluğun törətdiyi əngəllər haqqında isə danışmağa belə dəyməz. Əsgər komandirlərı kimi dinləyəcəklərini, kimə tabe olacaqlarını bilmirdilər. Onlar vaxtlarını bu cür müfəttişlərə izahat verməklə keçirirdilər. Öz hissələri ilə məşğul olmağa isə az vaxtları qalırdı. 7-ci ordunun kapitanı Yakovlevin qərarına görə əsas zərbə ordunun sol qanadı ilə endirilməli idi. Hərbin 3-cü günü heç bir məna olmadan ona yuxarıdan əmr etdilər ki, əsas zərbəni sağ qanada keçirsin. Bu qanadda da Finlər qüvvətli müqavimət göstərdilər. Bundan sonra əsas zərbə yenidən sol qanada keçirildi. Bunun nəticəsində ordu hissələrinin qanaddan–qanada mənasız hərəkətlərində çox vaxt insan itkisi olurdu. Yüksək rəhbərlərin günahları və istedadsızlığı kapitan Yakovlevin üzərinə düşdü. Halbuki Yakovlevin əvvəlki qərarı ən doğru idi. Ümumiyyətlə, Finlandiyaya qarşı açılmış müharibə bir həftə yerinə üç ay yarım sürdü. Finlərin hesabına görə hər şəhid Fin əsgərinin əvəzinə on qızıl əsgər şəhid olmalı idi. Finlərin bu hesabları doğru çıxmadı. Bir Fin əsgərinin əvəzinə ondan daha artıq qızıl əsgər tələf oldu. Göründüyü kimi hər iki tərəfin hesabları doğru çıxmadı. Kuusineni Helsinkidə oturtmaq əvəzinə Sovetlər onun hökumətini dağıtmağa məcbur oldular. Hətta Vıborq belə müharibə ilə alına bilmədi. Yadımızdadır ki, “Leninqradskaya Pravda” hər gün yazırdı: “Vıborq mühasirəyə alınmış və bir neçə gündən sonra qızıl ordunun əlinə keçəcək.” Hərbi təbliğatda deyilirdi: “13 mart saat 12.00-a qədər uzanan hücum nəticəsində Qızıl Ordu Vıborqu zəbt etdi.” Halbuki, Vıborqu Finlər müqaviləyə görə təslim etdilər. Vıborq ətrafında kimin kimi mühasirəyə aldığı anlaşılmadı. Amma bu aydındır ki, üç ay yarım ordu tərəfindən alına bilməyən Vıborqu Sovet təbliğatı mart ayının 13-də beş-altı saat içində “zəbt etdi”. Əsgər və komandirlər ilk dəfə idi ki, Sovet şəraiti xaricində həyat görürdülər. Finlər tərəfindən evlərə girərkən insan təmizliyə, evin görkəminin zənginliyinə heyran qalırdı. Bu evlərin sahibləri sadə Fin zəhmətkeşləri idi. Bir dəfə Fin kəndlisinin evində istirahət edən qızıl əsgər hissələrindən–"taxtabiti və birələr onları narahat etmirlər?–deyə soruşduq. Buna cavab olaraq onlardan biri dedi: – “Yoldaş komandir, taxtabiti və birələri biz hüdud xaricində buraxdıq”, yəni Finlandiyanın hüdudu xaricində – Sovetlər İttifaqında. Həqiqətən də Finlandiyanın dövlət quruluşu, Finlandiya hökuməti vətəndaşlarının inkişafı, azad və xoşbəxt həyat sürməsi üçün bütün şəraitləri yaratmışdı. Finlandiya dövlətinin siyasəti insan şəxsiyyətinin azad inkişafına şərait yaradıb vətəndaşların hürriyyətini, zəhmətini, şərəfini və dəyərini qoruyurdu. Bütün bu nemətlərdən Sovet vətəndaşları məhrum idi. Buna görədir ki, Finlər bolşevizmə qalib gəlirdilər. Müharibənin gedişində və sonunda bol-bol mükafatlar paylanırdı. Minlərlə, on minlərlə adam ordenlərlə təltif edilmişdi. Bu münasibətlə Leninqradda belə bir lətifə danışırdılar: “Əvvəllər bir-biri ilə heç rastlaşmayan iki gənc (qız və oğlan) təsadüfən telefonla danışırlar, görüş vaxtı və yeri təyin edirlər. Sonda qız oğlandan soruşur -hansı gözəçarpan əlamətlərinizlə sizi tanıya bilərəm? - Oğlan cavab verir ki, mən ordensiz, medalsızam, amma ayağımda təzə rezin ayaqqabı var”.Təzə rezin ayaqqabı, palto, geyim sovet rejimində çox nadir tapılan şeylər idi. Üz qaraldan Finlandiya müharibəsindən sonra ordensiz adama rast gəlmək də çox çətin idi. Həqiqətən də bu müharibədə arabaçıdan tutmuş baş komandirə qədər bütün Fin əsgərləri orden və medallarla təltif olunmağa layiq idi. Bütün dünya Fin əsgərlərinin qəhrəmanlığına heyran idi. Finlərin həyatı və zəhmətsevərliyi daha böyük heyranlığa layıq idi. Ruhən və mənən bu böyük millətin insanlığa daha çox xidmətləri olacaqdır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fetelibeyli-meqaleler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1954). Public domain (author died 1954). Original text only.