Qəsidələr Məhəmməd Füzuli (1494–1556) Həva ərayisi-gülzarə oldu çehrəgüşa Həva ərayisi-gülzarə oldu çehrəgüşa, Bahar gülşənə geydirdi hülleyi-xəzra. Çəmən əyalətinə oldu nəsb xosrov gül, Həvayə əbrsifət hökmün etməyə icra. Yazıldı səbzeyi-novxizdən xəti-ehkam, Çəkildi sayeyi-mətbu’i-sərvdən tuğra. Səriri-abi-rəvanü səfiri-mürği-çəmən Nükati-təhniyeyi-məqdəm etdilər inşa. Zəbani-susəni-azadü səbzeyi-novxiz Sənayi-rif’əti-iclalə oldular guya. Şəqayiq alnı zəminbusdən olub məcruh, Bənövşə qaməti oldu təvazö’ ilə düta. Mürəttəb eylədi bir bəzm gülşən içrə bahar Ki, verdi zövqi-tamaşası nəş’əyi-səhba. Ənadil etdi bəyani-məratibi-nəğəmat, Qumari oldu təranəkəşü sürudsəra. Sədayi-mürğ buraxdı büzürgü kuçikə şövq, Sürudi-ab ilə üşşaqə hasil oldu nəva. Bilindi qönçədə gül bərgi zahir olmaq ilə Ki, qönçə başinə yağdırdı jalə səngi-cəfa. Cərahət olmasa ə’zadə zahir olmaz qan, Tərəşşöh eyləməz əlbəttə sınmadan mina. Hümayvəş vərəqi-yasəminü bərgi-səmən Uçub həvayə gülüstanə düşdü zilli-hüma. Bahar taciri Misri-çəmən qənilərinə, Buraqdı Yusifi-gül ərz eyləyib qovğa. Bu zövq saldı Züleyxayi-laləyə bir şövq Ki, lə’lü müşk töküb, verdi ağırınca bəha. Hədiqə təxteyi-tə’lim olub rəyahindən, Yazıldı möhməlü mö’cəm ona hürufi-həca. Müzəyyən eylədi övraqi-laləyi şəbnəm, Hürufi-lalədə olmaz əgərçi nöqtə rəva. Götürdü şəbnəm əzhardən hərarəti-mehr, Şükufə nöqtələrin gərçi hökm edər imla. Dəbiri-bad verib tifli-əndəlibə səbəq, Götürdü çöhreyi-əzhardən niqabi-xəfa. Qamu dirəxt bulub rəf’i-istiqaməti-hal, Şükufə həmli ilə kəsr buldular, illa Nihali-bibədəli-sərv kim, qalıb mənsub, Səbati-hal ilə onlardan oldu müstəsna. Sədayi-seyl çəkər məddi-müttəsil, yə’ni Ki, məddi-müttəsil ilə olur, qiraəti-ma. Göründü hey’əti-abi-rəvanda şəkli-hübab, Sübutə yetdi səbati-nücumü seyri-səma. Xütuti-müxtəlifü müstəqimi ənharın Çəməndə saldı zəvayayi-gunagun bina. Riayəti-türüqi-müstəqimdən, necə kim, Olur hüsul məqamati-cənnətül-mə’va. Həvayi-bağidən etdim bu hikməti mə’lum Ki, e’tidaldədir sihhəti-həvasü qüva. Fəzayi-gülşəni əhzar ilə görüb məmlu, Yəqinim oldu ki, mümkün degil vücudə xəla. Nəzərdə olmaq ilə sübhü şam, qönçəvü gül Bədihi oldu kəmal əhlinə hüsuli-səfa. Nəticə salibə olmaq xilafi-adətdir, Olunca mövcibi-süğrayə müttəfiq kübra. Zəmiri-gülbünə gül rəngi saldı atəşi-bim Ki, hümrə qanə olur nəfs evində rahnüma. Gül atəş üzrə qılır iqdi-zöhreyi-şəbnəm, Tədarüki-qəmərü şəms edər səbahü məsa. Bu kimiya səbəbindən əcəbmidir olsa, Əlində daneyi-ərzən məsabəsində tila. Şükufə siminə fərz eylədi xüruci-zəkat, Mədari-hövlü büluği-nisabi-istinma. Hüquq dəf’i üçün əğniyayi-əşcarə, Səhayifi-çəmən oldu əyadiyi-füqəra. Bəhardən təni-gülbündə eyləyib həyəcan, Hərarəti-dəməvi qıldı ğüddələr peyda. Boyandı qanı ilə səfheyi-çəmən gül-gül, Məgər ki, fəsdinə hökm eyləmiş təbibi-həva. Hibali-sehrə dönüb cünbüşi-cədavili-ab, Kəlimi-sərv ona əksdən buraxdı əsa. Olub tərənnümi-bülbül əzayimi-təsxir, Çəmən pərilərinə lazım oldu ərzi-liqa. Büsati-gülşənə dün eylədim güzər ki, dəmi Qılam nəzareyi-asari-qüdrəti-mövla. Əcəb niza’də gördüm çəmən zəriflərini, Təəssüb ilə qamu saliki-təriqi-xəta. Qamu güman ilə müstəd’iyi-təriqi-nəcat Vəli, qamusuna batil dəlili-istid’a. Salıb şükufə məbadi sünufə əşcari, Qılırdı bəhs ki, caiz təəddüdi-qüdəma. Verib təsəlsülə qüvvət təbiəti-kəci-ab, Olurdu nafiyi-isbati-illəti-ula. Xəyali-məhz sanıb kainatı nərgisi-məst, Qılırdı cəhl ilə nəfyi-həqayiqi-əşya. Edirdi bülbüli-kafirnihad səcdeyi-gül, Təəbbüdi-sənəm ilə tutub nəcati rica. Nəsim vaqif olub bu fəsadı mən’ etdi Ki, ey güruhi-pərişan, tutun təriqi-hüda! Bu karixanə bir ustaddan degil xali, Gərək bu qüdrətə, əlbəttə, qadirü dana. Qılır dəlaləti-illət vücudi-hər mövcud Vəli, nə sud ki, sahibnəzər deyil ə’ma. Mükəvvinatə hüdus ol qədimdəndir kim, Kəmali-zatinə mümkün degil qəbuli-fəna. Qədirü müqtədirü qadirü müqəddirü həyy, Əlimü alimü əllamü ə’ləmü ə’la. Zəhi təkəvvüni-kamil ki, qüdrətindəndir, Pəriliqalərə lütfi-tənasübi-ə’za. Məlahəti-ləbi-meygunü ləhceyi-şirin, Nəzakəti-qədi-mövzunü çöhreyi-ziyba; Səfayi-cismi-lətifü qəbuli-cövhəri-pak, Lətafəti-xəti-mişkinü zülfi-ənbərsa. Kəmali-qüdrəti-elminədir şəvahidi-ədl, Üqudi-silsileyi-karixaneyi-dünya. Bəsaitə şərəfi-məhrəmiyyəti-vəhdət, Mürəkkəbatə qəbuli-tərəkkübi-əcza. Həvayi-məkrəmətindən qəbuli-feyz qılıb Mürəbbiyi-çəmən olmuş bəhari-ruhəfza. Nəsibi-mərhəmətindən alıb ifadeyi-cud, Cahanı rəşki-cinan eyləmiş nəsimi-səba. Səfayi-lütfi-əmimi nüfuz edib, qılmış, Mizaci-namiyəyi müstəiddi-nəşvü nəma. Fəzayi-gülşəni-lütfi mərabei-əhbab, Hədaiqi-rəhi-qəhri məhaliki-ə’da. Sühayə lütfi əgər qılsa zərrəpərvərlik, Yetər məqami-müsavati-afitabə süha. Vər olsa qəhrinə məzhər ənasirü əflak, Nikah əqdin üzər ümməhatdan aba. Hesabi-rizqini qılmış təmamiyi-bəşərin, Hənuz Adəmə peyvənd qılmadan Həvva. Bəyani-halinə yetmiş cəmi’i-məxluqin Hənuz pərdəyə ə’yani çəkmədən əsma. Kəmali-tərbiyəti növki-xarə vermiş rəng, Lətif edib, ləqəbin eyləmiş güli-rə’na. Gül atəşin bir ovuc xaki-rəhgüzarə salıb, Kül eyləyib qomuş adını bülbüli-şeyda. Türabi-dərgəhinə ittisal şövqi ilə Kəfi-təzərrö’i dəryadə daməni-səhra. Ziyarəti-hərəmin qılmamaq cəzası üçün Həvalə xəncəri-seylabə sineyi-dərya. Cəmii-vəqt şəfaxaneyi-ətasından, Cəmii-xəlqə müyəssər, cəmii-dərdə dəva. Rümuzi-hikmətin eylər bəyan məratib ilə, Cəmii-hali-bəşər, xah fəqrü xah qina. Mərizi-arizeyi-nəqsdir, nüfus tamam, Kiminə faidə pərhiz edər, kiminə qida. Şərif zatlərə övci-imtəhanından, Vəsileyi-şərəfi-qürb olur nüzuli-bəla. Xəsis nəfslərə gənci-iltifatından, Məzidi-illəti-idbar olur vüfuri-əta. Dəlili-zilləti-üsyandır təərrüzi-hal, Təriqi-hüsni-rizasi cəmii-halə riza. Zəhi kərəm ki, nəzər qılmayıb ədavətinə, Müyəssər eyləmiş iblisə e’tibari-bəqa. Zəhi kərim ki, ifrati-lütf ehsani Məsihi eylədi mehrabi-səcdeyi-tərsa. Fəqiri-dərgəhinə ləzzəti-rizası ilə Təəllüqati-təriqi-fənadən istiğna. Əsiri-möhnəti-eşqinə zövqü şövqi ilə Xilafi-qaidə meyli-təbibü zikri-şəfa. Zəhi həqiqəti-zatında lafi-əql cünun, Qapın məqami-müsavati-padişahü gəda. Nəimi-ləmyəzəli onda kim, sənə vasil, Müəzzəbi-əbədi ol ki, səndən ola cüda. Təvafi-Kə’beyi-vəslin təhəssürilə müdam, Sürudi-seylə səfirü xüruşi-rə’də səda. Mühəymina, səməda! Bəndeyi-siyəhruyəm, Səhifeyi-əməlim mə’siyət xətilə qəra. Tərəhhüm et ki, məni qaməti-şikəstə ilə Bənövşeyi-çəməni-dərd qıldı bari’-ina. Nihali-gülşəni-dərdəm ki, su yerinə verər Mənə həmişə cigər qani bağibani-qəza. Diriğü dərd ki, əncamə yetdi ömr, hənuz Xərabi-badeyi-zərqəm, əsiri-dami-həva. Əzabi-ruzi-cəza vəhmi ilə şamü səhər, Bir iztirabü əzab içrəyəm məni-rüsva Kim, ol əzabi məgər iqtizayi-ədl verə Əzabi-ruzi-cəza münkirinə ruzi-cəza. Əgərçi qüssə dutar rüzi şəb giribanım, Əlimdən eyləmən ümmid damənini rəha. Müqimi-hücreyi-şövqəm fəzayi-qürbündən, Həmişə səm’i-ümidimdə iştiyaqi-səda. Ki, ey fəqir, hərimi-vüsalə bismillah, Təəllül etmə ki, dəmdir əmanət ola əda. Səhabi-feyz əməl gülşənin qılıb siyrab, Güli-murad açılıb ola müstəcab dua. Ümid var ki, ayineyi-zəmirimdən Həmişə seyqəli-ehsanın ola jəngzida. Ümid var ki, lütfündən olmaya növmid, Dili-Füzuliyi-aşüftəhalü bisərü pa. Müyəssər ola ona şahrahi-eşqində Dəvami-hüsni-qəbulü səbati-rəsmi-vəfa. * * * Nə kim səhifeyi-tədbirə əql edər məstur Nə kim səhifeyi-tədbirə əql edər məstur, Saqınman ani olur, olmaz olmayan məqdur. Həvayi-dari-bəla umma hər həvayidən Kim, ol məqamdədir sərbülənd olan Mənsur. Hərifi-ərreyi-qəm sanma hər quru ağacı Ki, yazılur Zəkəriyya adına ol mənşur. Dili-püratəşi-aşiqdir ahi-sərdlə xoş, Olur bürudətə mayil təbayei-məhrur. Füsürdə zahid əgər aşiqi-cigərsuzə Rəfaqət etsə yüz il zülmətinə düşməz nur. Saqınma bir arada ixlilat qılmaq ilən, Dutar mizaci-qərənfil təbiəti-kafur. Xoşam ki, eşq ilə risvayi-xasü aməm mən, Fələk bu şiyvə ilə eyləmiş məni məşhur. Müdam nəqdi-həva xatirimdədir məknun, Həmişə fikri-məhəbbət dilimdədir məzkur. Nəçük həva, nə məhəbbət? Məvəddəti-şahi Ki, xəlqədir səbəbi-feyzi-kirdigari-qəfur. Məhi-sipəhri-nübüvvət, Mühəmmədi-qürəşi, Çiraği-şami-əbəd, afitabi-sübhi-nüşur. Şahənşəhi ki, Süleymani-mülki-mə’ni olub, Müti’ oldu ona cinnü insü vəhşü tüyur. Cahanı açmaq üçün tapşırıldı həzrətinə, Kilidi-məxzəni-məhruseyi-vüqufü şüur. Yetirdi silsilə tari-hesabi-hicrətinə, Üzülməsin deyibən rişteyi-sininü şühur: Şikəsti-nüqreyi-xalis əyari-məh qoydu, Əyari-nüqreyi-zatında ehtimali-küsur. Rüxü qədidir olan xəlvəti-cinan içrə, Çiraği-məclisi-qilmanü şəm’i-məhfili-hur. Nə şək ki, axdı Bəvadidə barmağından su, Bu şərhədir mütəzəmmin xütuti-mövci-bühur. Müxalif əmrinədir badə kim, əyağə düşər, Nəqizdir ona kim, guşimal yeyər tənbur. Əya şəhi ki, güruhi-peyəmbəri-mürsəl, Behiştə basmaz ayaq səndən almadan dəstur. Əgərçi xaməyə əl urmadın, əlində idi, Xəti-bətaləti-”İncil”ü hərfi-nəsxi-“Zəbur”. Nə söz ki, onda sənin yox rizayi-xüddamin, Qalur sərayi-təbiətdə ta əbəd məhsur. Burax hicab niqabın gözəl cəmalindən Ki, ta görə səni ortada görməyən neçə kur. Bu məsnəd içrə necə məsti-xabi-naz olasan, İrişdi sübh, gəl aç imdi nərgisi-məxmur. Fəsad əhli cahana buraxdı yüz fətərat, Qiyamət oldu, nə yatmaq məcalıdır? Dur, otur! Zəmanə müntəziri-iqtidayi-əmrinədir, Sözün nə isə yerit, buyruğun nə isə buyur! Şəha, Füzuliyi-dilxəstəyəm, bihəmdillah Rəhi-şəriətinə tabe’, əmrinə mə’mur. Olubdürür sözümün nəzmü nəsri nə’tində, Həmişə gövhəri-mənzumü lö’löi-mənsur. Fəsahət əhli arasına e’tibarım var, Nə e’tibar, gər olduysa hey’ətim məhqur. Özüm həqir bəqayət, sözüm müfid, vəli, Nəçük ki, hökm misalında sətr beynə sütur. Ümid var ki, dutduqca mülki-ruh nizam, Ümid var ki, tapdıqca əhdi-ömr mürur. Müruri-ömri sənayi-Rəsul ilən keçürəm, Öləndə edəm onu ərməğani-əhli-qübur. * * * Saçma, ey göz, əşkdən könlümdəki odlarə su Saçma, ey göz, əşkdən könlümdəki odlarə su Kim, bu dəklü tutuşan odlara qılmaz çarə su. Abgundur günbədi-dəvvar rəngi, bilməzəm, Ya mühit olmuş gözümdən günbədi-dəvvarə su. Zövqi-tiğindən əcəb yox, olsa könlüm çak-çak Kim, mürur ilə buraxır rəxnələr divarə su. Vəhmlən söylər dili-məcruh peykanın sozün, Ehtiyat ilən içər hər kimdə olsa yarə, su. Suya versin bağiban gülzarı, zəhmət çəkməsin, Bir gül açılmaz üzüntək, versə min gülzarə su. Oxşada bilməz qübarini mühərrir xəttinə, Xamətək baxmaqdan ensə gözlərinə qarə su. Arizin yadilə nəmnak olsa müjganım, nola, Zaye’ olmaz gül təmənnasilə vermək xarə su. Qəm günü etmə dili-bimardən tiğin diriğ, Xeyrdir vermək qaranqu gecədə bimarə su. Mən ləbin müştaqiyəm, zöhhad Kövsər talibi, Netəkim məstə mey içmək xoş gəlir, hüşyarə su. İstə peykanın, könül, hicrində şövqüm sakin et, Susuzam, bir gəz bu səhradə mənimçün arə su. Rövzeyi-kuyinə hər dəm durmayıb eylər güzar, Aşiq olmuş qaliba, ol sərvi-xoşrəftarə su. Su yolun ol kuydən topraq olub dutsam gərək, Çün rəqibimdir, dəxi ol kuyə qoyman varə su. Dəstbusi arizusundan gər ölsəm, dustlər, Kuzə eylin toprağım, sunun onunla yarə su. Sərv sərkəşlik qılır qümri niyazından, məgər, Damənin duta, əyağinə düşə, yalvarə su. İçmək istər bülbülün qanın, məgər bir rəng ilə, Gül budağının mizacına girə, qurtarə su. Tinəti-pakini rövşən qılmış əhli-aləmə, İqtida qılmış təriqi-Əhmədi-Muxtarə su. Seyyidi-növ’i-bəşər, dəryayi-dürri-istəfa Kim, səpibdir mö’cüzati atəşi-əşrarə su. Qılmaq üçün tazə gülzari-nübüvvət rövnəqin, Mö’cüzündən eyləmiş izhar səngi-xarə su. Mö’cüzi bir bəhri-bipayan imiş aləmdə kim, Yetmiş ondan min-min atəşxaneyi-küffarə su. Heyrət ilən barmağın dişlər, kim etsə istima’, Barmağından verdiyin şiddət günü ənsarə su. Dusti gər zəhri-mar içsə olar abi-həyat, Xəsmi su içsə dönər, əlbəttə, zəhri-marə su. Eyləmiş hər qətrədən min bəhri-rəhmət mövcxiz, Əl sunub urğac vüzu üçün güli-rüxsarə su. Xaki-payinə yetəm der, ömrlərdir müttəsil, Başını daşdan-daşa urub gəzər avarə su. Zərrə-zərrə xaki-dərgahinə istər sala nur, Dönməz ol dərgahdən, gər olsa parə-parə su. Zikri-nə’tin dərdinə dərman bilir əhli-xəta, Eylə kim, dəf’i-xumar içün içər meyxarə su. Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm, Eylə kim, ləbtəşnələr yanıb dilər həmvarə su. Sənsən ol bəhri-kəramət kim, şəbi-me’racdə, Şəbnəmi-feyzin yetirmiş sabitü səyyarə su. Çeşmeyi-xurşiddən hər dəm zülali-feyz enər, Hacət olsa, mərqədin təcrid edər me’marə su. Bimi-duzəx nari-qəm salmış dili-suzanimə, Var ümidim əbri-ehsanın səpə ol narə su. Yümni-nə’tindan gühər olmuş Füzuli sözləri, Əbri-nisandan dönəntək lö’löi-şəhvarə su. Xabi-qəflətdə olan bidar olanda ruzi-həşr, Əşki-həsrətdən dolanda dideyi-bidarə su, Umduğum oldur ki, məhrum olmayam didardən, Çeşməyi-vəslin verə bu təşneyi-didarə su. * * * Çəkər birəhmlər yanında hər saət zəban xəncər Çəkər birəhmlər yanında hər saət zəban xəncər, Günahım sabit eylər, ölməyim xatirnişan xəncər. Zülali-vəslinə ləbtəşnəyəm bir türki-bədxuyin Kim, ondan qətreyi-ab istəsəm dartar rəvan xəncər. Verir pərvanə öz canın sənə çün ixtiyar ilə, Nə hacət şö’lədən, ey şəm’, çəkmək hər zaman xəncər? Həzər qıl, gəzmə çox pərvasız, ey bülbül ki, qətlinçün Tikəndən daməni altında qılmış gül nihan xəncər. Müjən qanım töküb, qəmzən alır canım, əcəb sanma, İşidir töksə qan ox, adətidir alsa can xəncər. Qaşınla gözlərindir hər tərəf, ya bir niza’ üzrə Çəkibdir bir-birinə iki sərxoş türkman xəncər? Xəyali-qəmzən ilə bəs ki, rahət getdi cismimdən, Sanasan pəhluyi-çakimdədir hər üstüxan xəncər. İlətsəm xəncərin şövqini qəbrə, hər bahar olğac, Olur səbzə yerinə xaki-qəbrimdən əyan xəncər. Qucar zərrin kəmərlə belini, vəh bu nə tale’dir Ki, altun qüvvətilə böylə olmuş kamiran xəncər. Xəyali gözdədir, kirpiklərin dəprətmə, ey mərdüm, Ədəb şərti degil mehmanə çəkmək mizban xəncər. Göz açıb busitanə xətti-səbzinsiz nəzər qılsam, Görünür gözlərimə səbzeyi-hər busitan xəncər. Dəhanın yox demişlər, söylə bu göftar qandandır, Belin peyda degil, de qanda dutmuşdur məkan xəncər? Məhali-əqldir kim, ola müjganın kimi xuni, Əgər ustad əlindən su yerinə içsə qan xəncər. Rüxi-zərdim salıbdır xəncərin güzgusinə əksin, Və ya simin əlində tutduğundur zərnişan xəncər. Zəbani-tiz ilə ortayə girmiş müttəsil guya, Olam der madihi-Peyğəmbəri-axirzəman xəncər. Şəhənşahi ki, tiği-abdari zahir olduqda, Əlindən saldı Xosrov nizəvü Nuşirəvan xəncər. Yəməndən baş çəkəndə məhçeyi-rayati-iqbali, Buraxdı tirə torpağə şəhi-Hindustan xəncər. Səfarayi-məsafi-Bədrdir izhari-mö’cizdə, Şikafi-pərniyani-bədr üçün qılmış nişan xəncər. Əduyi-cahinin qət’i-həyatiçün çəkər hər ay, Qilafi-lacivərdidən hilali-asiman xəncər. Səhər feyzi ki, düntək tirə qılmazdı dili-safın, Günəştək qəsdinə çəksəydi min namehriban xəncər. Səxi təb’i ki, rüxsarə sipərtək çin buraxmazdı, Əgər qəsdinə çəksəydi qamu əhli-zəman xəncər. Olurdu dideyi-bədbinə izhari-nübüvvətdə, Onun göndərdiyi hər nameyi-mö’cüzbəyan xəncər. Ğəzalərdə duayi-cövşənində çarə qılmazdı, Özün hər necə qılsa təcrübə tir, imtəhan xəncər. Əya şahi ki, baxsan xəncəri-şər’in nizamiçün, Çəkibdir min şahənşəh tiğü min sahibqiran xəncər. Əgər qamusi-şər’in olmasaydı xəlqə müstövli, Nə bir pürdil çəkərdi tiğü nə bir pəhlivan xəncər. Nəqizi-hökmünün qət’i-fəsadiçün əliflərdən, Kəlamüllah bihəd tiğ çəkmiş, bikəran xəncər. Münafiq edə bilməz şər’inə mədxəl ki, çevrəndə Məlaik pərrü balın görsə, div eylər güman xəncər. Bihəmdillah ki, hala dideyi-bədxahə nə’tində Füzuli nəzminin hər sətridir bir cansitan xəncər. Zəbani-xaməsi isbati-e’cazında küffarə, Gəhi dilduz navək göstərir, gəh xunfəşan xəncər. Şəfiül-müznibina, məhşər əyyami ki, duzəxdən, Çəkər hər ləhzə mücrim qəsdinə bir biəman xəncər. Budur ümmid kim, məhfuz olam hisni-pənahində, Qilaf içrə nəçük kim, saxlanır, görməz ziyan xəncər. * * * Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba Ab lövhi üzrə çəkmiş mövcdən mistər səba, Səbzədən nəql etməyə vəsfi-xəti-dilbər səba. Almaq içün qiymətilə səbzədən şəbnəm dürin, Yasəməndən sim tökmüş, ya səməndən zər səba. Ağzın əsrarın dilər faş edə, açıb qönçəyi, Gör nə rəng ilə qılır izhar hər müzmər səba. Əncümənlər seyr edib nəsrin bəyazın gəzdirir, Hüsni-xülqində dürüst etmək dilər məhzər səba. İnfial etmiş məgər sür’ətdə Rəxşindən sənin Kim, gəzər məxfi, görünməz kimsəyə michər səba. Axtarıb bulmaq dilər vəsfi-rüxün kim, müttəssil Nüsxeyi-gülbərg övraqın qılır əzbər səba. Abgun tiğincə olmaz, bunca daim kim verür Tiği-abi-cuyibarə mövcdən cövhər səba. Ayağın toprağını yerdən alır tə’zim ilə, Qaliba düzmək dilər başına bir əfsər səba. Eşidibdir, qaliba, qəddinlə şəm’in bəhsini, Hər qaçan gördiysə eylər şəm’ə qəsdi-sər səba. Asitanında müqim olmağa bulsaydı qəbul, Həq bilir, olmazdı sərgərdani-bəhrü bər səba. Asimanə qədrlə çıxsa nə hasil, çün degil Ona qabil kim, ola qapında xaki-dər səba. Atəşi-bidadə göymüşdür, olubdur dadxah, Gördüyü yerdə saçar başına xakistər səba. Abi-dərya üzrə gəh İlyasvəş seyran edər, Gah eylər məskən İbrahimtək azər səba. Oddan afət görməzü sudan zərər, guya qılır Qanda olsa iqtidai-şər’i-Peyğəmbər səba. Əhmədi-mürsəl ki, fərmanbər Süleymandır ona Eylə kim, gördü Süleyman oldu fərmanbər səba. Ol şahənşəh kim, rizasilən gəzər hər qanda var, Gər şimalü gər dəburü gər cənubü gər səba. Ey güli-baği-rüsül, bir tazə gülşəndir qapun Kim, dəmi-Cibrilə ol gülşəndə tə’n eylər səba. İstəyib bulmaz qapun feyz almaq içün, müttəsil Qanğı gülşən seyrinə girsə çıxır müztər səba. İlətir xaki-dərini zərrə-zərrə gülşənə, Qılmaq içün tutiyayi-dideyi-əbhər səba. Atəşi-bidad ilə aləm yanar, gər qılmasa Ədlini şaye’, gəzib hər dəm yedi kişvər səba. Olduğiçün düzdtək pünhan girüb güşənlərə Bisəbəb rəxti-gülü nəsrinə qarətgər səba, Öz günahinə şəfaət istəyib, fəryad edib Çizginür xaki-məzarin üzrə ta məhşər səba. Etməzsəm tərki-təmənnayi-təvafin çıxsa can, Xak həm olsam qübarimni sənə iltər səba. Açmış ümmidi-rəhi-vəslin dili-pürxunimi, Eylə kim əsli-bahar açar güli-əhmər səba. Eylə incəldim, zəif oldum ki, xaki-kuyinə Qabiləm xaşaktək olsa mənə rəhbər səba. İltimasım bəxtdən oldur ki, cari hökm ilə, Ta rəyahinə çəmən mülkündədir sərvər səba, Ola nə’tindən Füzulinin kəlami dilpəzir, Eylə kim, güldən bulur ənfasi-canpərvər səba. * * * İrişdi vəqt ki, fəsli-xəzani-nahəmvar İrişdi vəqt ki, fəsli-xəzani-nahəmvar, Qıla xünək hərəkatın müzahimi-əşcar. Sipahi-bəhmənü dey laləvü gül əsbabın, Hücum eyləyibən qarət eyləyə nə ki, var. Çəmən zəriflərin rəncidəxatir eyləməgə, Nəsimdən ola zahir süluki-nahəmvar. Həva müxalifətindən tapılmaya mütləq, Mizaci-namiyədə e’tidaldən asar. Səba lətafət ilən gülşən içrə sair ikən, Bula zəmani-səba tək təğəyyüri-ətvar. Açub təərrüz əlin zəmhərir gülzarə, Nə bərg qala bu qarətdə busitanda, nə bar. Xoş ol ki, duta bu mövsimdə guşeyi-üzlət, Tərəddüd etməyə mütləq qərarə verə qərar. Hüzurilən girə bir küncə ibtidayi-xəzan, Sürurilən çıxa bir bağə ibtidayi-bəhar. Arada bilməyə baranü bərfü bad nədir, Yetirməyə əsəri-dövr xatirinə qübar. Ona rəfiq həman bir kitab ola, bir saz, Ona nədim həmin bir qədəh ola, bir yar. Mənəm bunun kimi əyyamda sərasimə, Əsiri-dami-bəlavü sitəm, qəribi-diyar. Nə seyr qılmağa pərgartək tənimdə təvan, Nə nüqtətək bir aradə oturmağa yer var. Həzar qəm mütəvəcceh mənə, bu həm bir qəm Ki, yoxdurur qəmi-dil zahir etməyə qəmxar. Nə bir rəfiq ki, həmdərd olam məni-miskin, Nə bir təbib ki, dərdi-dil eyləyim izhar. Xəzan içində qalan gül budağiyəm ki, həva Mənə şikəst verib qalmışam bürəhnəvü xar. Kimi ki, dust dedim çıxdı düşməni-canım, Kimi ki, yar dedim oldu aqibət əğyar. Bu fəqrilən ki, mənim rahətim durur müşkül, Bu halilən ki, mənim dirliyim durur düşvar, Məgər mədəd qıla ol padişahi-kişvəri-elm Ki, elmidir qamu əşyayə vaqifi-əsrar. Şəhi-səriri-Nəcəf, afitabi-övci-şərəf, Əliyyi-aliyi-ə’la, qəsimi-cənnətü nar. Ümid var ki, bir şəmmeyi-inayət ilən, Mücəddədən verə lütfi təsəlliyi-məni-zar. Rəayətimi rücü’ edə pak nütfəsinə, Yeganə Seyyidi-ərşasitanü kuhvüqar. Məhi-sipehri-səyadət Kəmuneyi-sani Ki, surəti-Həqədir zati-paki ayinədar. Büləndmərtəbəi kim, ülüvvi-qədrindən Hərimi-dərgəhinə Cəbrəil bulmaz bar. Əya, büləndnəzər, mahi-afitabəsər Ki, rə’yi-pakin iləndir mürüri-dəhrə mədar! Səfayi-məşrəbinə e’timad eyləyübən, Bir-iki nüktə bəyan eyliyim məni-əfgar. Tənəffür eyləmə kim, bikəsəm məni-bikəs, Özümdür öz sözümü ərzə eyləyən naçar. Şəha, mən istər idim bir zəvalsız sayə Kim, onda olmaya mütləq məzərrəti-əşrar. Sənə yetirdi məni hadiyi-rəhi-təhqiq, Dedi: – Budur ki, dilərsən, itirməgil zinhar! Bu gün ümid ilə bir ömrdür ki, dərgəhinə Buraxmışam səri-ixlasü sidq leylü nəhar. Ümid var ki, ümmidim olmaya hirman, Ümid var ki, iqbalım olmaya idbar. Cəmii-əhli-cahana bu nüktə rövşəndir Ki, müslüm əhli-səadətdirü şəqi küffar. Təmami-zümreyi-islamə həm müqərrərdir Ki, cümlədən yey olur ali-Əhmədi-Muxtar. Bu həm mühəqqəq olubdur cəmii sadatə Ki, sənsən Əhmədi-Muxtar nəslinə sərdar. Dəlili-vazeh ilən vazeh oldu kim, sənsən Güzini-əhli-cahan, məlcəi-siğarü kübar. Gərək ki, sən olasan cümleyi-cahana pənah, Gərək ki, sən olasan əhli-fəqrə istizhar. Əgər təriqi-mürüvvət sənə həm olmasa rəsm, Həqiqətində vəfadan tapılmaya asar, Əcəb yox eyləsəm ikrah əhli-iymandan, Cəmii-zümreyi-islamdan olub bizar, Nəcəfdə bağlamayam Al xidmətinə kəmər, Gedib firəng diyarinə bağlayam zünnar. Bəlalərin çəkübən dönməyib təriqindən, Dutub təriqi-süluki-mühacirü ənsar. Məni təriqinə ixlasi-pakü sidqi-dürüst Çəkibdürür ki, sənə candan etmişəm iqrar. Əgər günah isə ixlasim, eyləyim tövbə Və gər xəta isə sidqim, qılayım istiğfar. Əgər qəbul və gər naqəbul, xidmətinə Özümü mən sanıram bir kəminə xidmətkar. Əgər təriqeyi-xidmətdə qılmışam təqsir Və gər qapında tapıb bəhrə, etmişəm inkar, Mənə həram ola rahət ki, tapmışam səndən Və gər nə xəsmə müvəkkil mühəymini-cəbbar. Şəha, Füzuliyi-üftadə xaki-rahindir, Həmişə nəqdi-həyati sənin yolunda nisar. Demə, ki, mülkə həvəs edə, yoxsa malə təmə’ Nə mülkü malə baxar dideyi-ülul-əbsar. Əsiri-dami-bəladır və gər nə ziyvər üçün Təvəccöh etsə, degil ona dari-dünya dar. Müdam ta fələki-tizgərd dairdir, Həmişə ta ki, tapar əmri-aləm istimrar, Səni ki, cümleyi-aləmdə fərdi-kamilsən, Pənahi-əmnü əmanında saxlasın Səttar. * * * Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur Qönçə bağrı dəhr bidadilə əvvəl qan olur, Sonra yüz lütf ilə könlü açılır, xəndan olur. Qətreyi-baran ki, bir müddət sədəf həbsin çəkər, Yox ikən qədri, tapıb qiymət düri-qəltan olur. Danə topraq içrə şiddət çəkdigiçün neçə gün Baş çəkib xərmənlənir, arayişi-bustan olur. Qəhrdən ikrah edənlər lütfə olmaz müstəhəq, Müstəiddi-dərd olanlar qabili-dərman olur. Möhnətə səbr eyləyən rahət tapar, çün Yusifə Səltənət təxminin əvvəl payəsi zindan olur. Gər riza olsa qəzayə, müşkül olmaz hiç hal, Arifə, səbr ilə, hər müşkül ki var, asan olur. Fe’ldir əsli-rizayi-Həq nə kim, əslü nəsəb, Xaki-fərmanbər bəşər, asi mələk şeytan olur. Sayiri-məxluqdan bir kimsə olsa pakdil, Əhli-beytin firqəsindən sayılır, Səlman olur. Xah seyyid, xah ami kam tapmaz biədəb, Fe’li müstəhsən olan, müstövcibi-ehsan olur. Yüz məşəqqət çəksə, kami-dil tapar əncami-kar, Hər kimin aləmdə mövlası Şəhi-mərdan olur. Tirə olmaz raströv gər çəksə bəndi-ahənin, Raströv tirü xədəngin ziyvəri peykan olur. Tabei-fərman edər hökmünə cümlə aləmi, Mürtəza hökmünə hər kim tabei-fərman olur. Ol şəhənşəh kim, əgər bir murə qılsa iltifat, Mur hökm eylər Süleyman üstünə, sultan olur. Ol imami-dinü dünya kim, onun düşmənliyi Müşrikin dininə vü dünyasına nöqsan olur. Daş olur aslan, əgər qəhr ilə qılsa bir nəzər, Hökm qılsa, düsmənin qəsdinə daş aslan olur. Zərreyi mehri-rüxündən tapsa pərtöv asiman, Asiman üzrə tamam əncüm məhi-taban olur. Feyzi-lütf ilə əgər insanı etsə tərbiyət, Qədr ilə insan mələknisbət əzimüşşan olur. Vər mələk həm tapsa eyni-iltifatından nəzər, Əqli-kamil kəsb edib, əlbəttə, bir insan olur. Lütfü qəhrindən tapar müqbil əta, müdbir cəza, Qət’ü fəsli-həşr üçün ol ləhzə kim, divan olur. Kövsəri-cənnət onun hökmündədir ol vəch ilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur. Nuh onun sənduqinə kəştitək aparmış pənah, Ehtiyat eylər ki, nagəh bir dəxi tufan olur. Gərçi İsmailə qurban göydən enmiş qədr içün, Həq bilir, qədr içün İsmail ona qurban olur. Mö’cizi bir gülşəni-pakizədir kim istəsə, Əndəlib ol gülşənə Davudi-xoşəlhan olur. Hər kim ixlas ilə xaki-mərqədindən zərreyi Alsa, onunla təbabət eyləsə Loğman olur. Dusti gər mə’siyət qılsa, olur ğüfranpəzir, Düşməni min taət etsə, mövcibi-üsyan olur. Sayeyi-lütfü kərəm gər salsa xaki-tirəyə, Cirmi-xaki-tirə rəşki-rövzeyi-rizvan olur. Əql kim qəvvasi-dəryayi-kəmali-elmdir, Cövhəri-zatın təsəvvür eyləsə, heyran olur. Fəhm kim, səyyahi-iqlimi-diyari-dərkdir, Vadiyi-idrakini seyr etsə, sərgərdan olur. Dövri onun alü əshabindən almaz ruzigar, Dövr onundur, devrilən hər necə kim, dövran olur. Qəsri-vəsfinin binasın qılsa me’mari-xirəd, İzzü cahü dövlətü iqbal dörd ərkan olur. Ol sipehri-dövlətü iqbaldən yüz döndərər, Dövlətü iqbal hər kimdən ki, rugərdan olur. Var ümidim feyzi-dövlətdən, Füzuli, kim, müdam Ta dilimdə qüvvəti-nitqü tənimdə can olur, Dəm uram övsafi-övladi-Əlidən netəkim, Mədhi-övladi-Əli müstövcibi-qüfran olur. * * * Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül Çıxdı yaşıl pərdədən, ərz eylədi rüxsar gül, Sildi mir’ati-zəmiri-pakdən jəngar gül. Cam dut saqi ki, gülbünlər gül izhar etdilər, Sən dəxi bir gülbüni-rə’nasən, et izhar gül. Gəldi ol dəm kim, ola izhari-hikmət qılmağa, İnşirahi-sədr ilə sədri-səfi-əzhar gül. Yetdi il mövsim ki, açmağa könüllər mülküni, Ola gülşəndə rəyahin xeylinə sərdar gül. Adəm isən bağ seyrin eylə bu mövsimdə kim, Baği rəngü buy ilə qıldı behiştasar gül. Çarsuyi-bağ seyranı bu gün mərğubdir Kim, şükufə onda sərraf oldu vü əttar gül. Çıxmış ikən bəzmi-gülşəndən yenə övd eyləyib, Cami-mey andırdı əhli-tövbəyə təkrar gül. Həbsdən Yusif çıxıb sultanı-Misr olmuş kimi, Oldu, açıb qönçəsin arayişi-gülzar gül. San Züleyxa xəlvətidir qönçeyi-dərbəstə kim, Çıxdı ondan daməni-çakilə Yusifvar gül. Çak olub bulmuş səfa badi-səhərdən sanasan, Baddır Cibrilü qəlbi-Əhmədi-Muxtar gül. Şəbnəmi-gülzari-rüxsari-rəsulüllahdır, Nəşri-ətrilə qılır hərdəm ona iş’ar gül. Dürri-şəbnəm saçdı rəngin bərglərdən hər tərəf, Lə’li-xəndan etdi xublar kimi gövhərbar gül. Surəti-halinə heyran eylədi aqilləri, Açdı irfan əhlinə gəncineyi-əsrar gül. Səbzə üzrə gəzdirər badi-səba gül bərgini, Sanki səbzə asimandır, kövkəbi-səyyar gül. Qıldı pünhan qönçənin lə’b ilə gözdən höqqəsin, Bulmaq olmaz hiç rəng ilə, zəhi əyyar gül! Yüz çevirmiş xardən ayrılmaq istər bisəbəb Mün’imi-nakəs kimi əslindən eylər ar gül. Xari-qeyrət nola gər sancılsa gülbün bağrına, Ayrılıb ondan olur həmsöhbəti-əğyar gül. Yeridir odlara yansa həsrət ilə xar kim, Ondan alır ziybü ziynət, qeyrə olur yar gül. Bivəfalıq adətin tutmuş onunçündür bu kim, Ömrdən olmaz cahan bağında bərxurdar gül. Qanğı bülbül qanı dutmuş bilməzəm kim, müttəsil Gəh əsiri-xar olur, gəh mübtəlayi-nar gül. Seyri-bağ etdim səhər, gördüm açıb məcmuəsin, Hifz edib bu mətləi eylərdi istehzar gül: Aşiq olmuş hüsnünə, ey sərvi-xoşrəftar, gül, Çak-çak etmiş səninçün sineyi-əfgar gül. Gül nə nisbətdir sənə, səndən ona yüz fərq var, Sən büti-pərdənişinsən, şahidi-bazar gül. Öylə pünhan eyləmiş köksündə sirri-eşqini Kim, əyağından asarlar eyləməz iqrar gül. Tutiyayi-çeşm üçün hər sübhdən yollar tutub, Xaki-dərgahın səbadən eylər istifsar gül. Seyri-gülzar etdigin peyki-səbadan fəhm edib, Gənci-zər qılmış mühəyya, qılmağa iysar gül. Bərgi-gül sanman ki, rəngin xiştlər cəm eyləmiş, Çəkməyə ol gənci-zər hifzinə bir divar gül. Ta səriri-səbzəyi dəprətməyə təhriki-bad, Sayəsindən urdu hər lövhinə bir mismar gül. Hər səhər gülzar lövhində çəkər yüz dairə, Qaliba minqari-bülbüldən alır pərgar gül. Eyş üçün gəlşən şəbistanın münəvvər qılmağa, Hər ağacdan asdı bir qəndili-pürənvar gül. Bunca qəndili füruzan eylədi, əmma nə sud, Dudi-dildən qıldı bülbül ruzigarın tar gül. Dari-dünyayı fəzayi-cənnətə döndərdi, leyk Qönçə kimi bülbülə dünyayı qıldı dar gül. Bir zəbani-haldır hər yaprağı fəhm etsələr, Pərdədari-xak olanlardan verir əxbar gül. Bülbüli-zar etdiyi fəryadlər tə’siridir, Bisəbəb xabi-ədəmdən olmamış bidar gül. Bağiban, sultani-adil dövrüdür, tənbih qıl, Urmasın gülzarə atəş, zülm edib zinhar gül! Cövr əlilə qönçənin pirahənin çak etməsin, Cünbüşi-namö’tədildən qılsın istiğfar gül. Yoxsa nagəh surəti-hali olur sultanə ərz, Qəhrə uğrar müqtəzayi-vəz’i-nahəmvar gül. Ol güli-baği-xilafət kim, bəhari-dövləti Aləməfruz olalı görməz cəfayi-xar gül. Oldu dövründə həva məhbusi-zindani-hübab, Qaliba görmüş həvadən şəmmeyi azar gül. Bərgi-gül gəzdirməz oldu məhmili-badi-səba, Həddi yox kim, çəkdirə badi-səbayə bar gül. Sərsəri-qəhri-cəhansuzindən agah olalı, Açmaz oldu busitani-fineyi-əşrar gül. Xəlvəti-lütfünədir nuri-dili-mö’min çirağ, Gülşəni-qəhrinədir daği-dili-küffar gül. Şahi-din Sultan Süleymani-səadətmənd kim, Kəsb edər xülqi-xoşundan nüzhəti-ətvar gül. Başə salmış mehrini ruzi-əzəldən çərxi-pir, Öylə kim, gülrüxlər eylər ziynəti-dəstar gül. İnqilabi-dövrdən bulmazdı hərgiz ixtilal, Alsa ondan hökmünə fərmani-istimrar gül. Zövq bazarında bulmazdı bu rəng ilə rəvac, Etməsəydi nəqşi-möhrün sikkeyi-dinar gül. Olmaq içün mütribi-bəzmi, dutub bir dairə Ögrənir hər sübh bülbüldən fəni-ədvar gül. Mətbəxi-cudinə kim, dudinə sünbüldür qulam, Xarkəşlik sən’ətin tutmuş, degil bikar gül. Qurtulur fəth etdigi kişvər bəlayi-fitnədən Kim, açıldıqda tikəndən ayrılır naçar gül. Şərh edib susənlərə övsafi-xülqün, gəzdirir Qönçədən hər sübh açıb gülşəndə yüz tumar gül. Qətreyi-şəbnəmmidir, ya əl açıb sail kimi, Xazini-lütfündən almış lö’löi-şəhvar gül? Qoymayıb dövründə viran kargahi-gülbüni, Bir ayağ üzrə durub olmuş ona me’mar gül. Ədli əyyamında şəbnəm sanmanız kim, bülbülün Beyzəsin qoynunda hifz etmiş olub qəmxar gül. Daməni-pakiylə ol bəhcətfəzayi-mülkdür, Gər cahan bağında cənnət güllərindən var gül. Vəz’i-aləmdən fələk məqsudi oldu kim, olur Bəsləməkdən xari mənzuri-ülül-əbsar gül. Qədrinə verməz xələl dünyayə qılmaq iltifat, Ziybü ziynət verdigiçün xarə olmaz xar gül. Meyvə ol sultani-adildir nihali-dövlətə, Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül. Nola gər sabiqlər oldisə fəna, oldur qərəz, Meyvə göstərdikdə tökmək rəsmdir əşcar gül. Qıl, Füzuli, mədhin ol şahın ki, baği-mədhinin Bülbülü olurdu, bulsa qüdrəti-göftar gül. Gərçi yoxdur e’tibarın, mədhin et izhar kim, Adəti-dövri-zəmandır xarə vermək bar gül. Var ümidim necə kim rəsmi-mədari-dəhrdir, İldə bir gəz aləmə ərz eyləmək didar gül. * * * Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar Münşiyi-qüdrət ki, çəkmiş xameyi-hikmətnigar, Səfheyi-əyyamə qılmış səbt vəsfi-hər diyar. Büq’eyi-Bağdadın etmiş künyətin Darüs-səlam Kim, ona təslimü təhsin edə hər kişvər ki, var. Övliya bürci demiş vəsfin ki, xaki-əşrəfi Büq’ə-büq’ə övliya-üllahə olmuşdur məzar. Həbbəza Bağdadi-xeyrəncam cəm’iyyətəsər Kim, olubdur məzhəri-asari-feyzi-kirdigar. Həm xilafət hökmünü, həm səltənət fərmanını Bundan etmiş aləmə cari-müruri-ruzigar. Bundadır baqi nişani-mö’cizi-xeyrül-bəşər, Taqi-kəsra, nüsxeyi-mülki-müluki-kamkar. Bundan olmuş höccəti-hökmi-xilafət müntəvi, Bundadır xaki-xilafətxizi-xətmi-çar yar. Bunda bağlamış qəza şəmşirini sultani-Rum, Bunda salmış sayeyi-iqbal Şahi-zülfüqar. Bunda qılmış sirri-həqq zahir şəhidi-Kərbəla, Bundadır təhqiqi-sidqü kizb üçün darül-iyar. Bunda olmuş müntəşir feyzi İmami-Ə’zəmin, Bunda olmuş bəhreyi-elmi-şəriət intişar. Bundadır Mə’rufə sərmənzil, Cüneydə cilvəgah, Bundadır Bəhlulə zənciri-cünun, Mənsurə dar. Dəştin etmiş seyr min Hatəm kimi səhranişin, Şəhrin etmiş təxt min Nuşirəvantək şəhriyar. Bunda olmuş seyti-ehsanü kərəm afaqgir, Bundan olmuş mə’dələt rəsmi şiya’ü iştihar. Səhni-səhrasında min Leyliyü Məcnun cilvəgər, Kuhsari üzrə min Şirinü Xosrov badəxar. Hər qəribə nazənin şəhrü vilayati vətən, Hər mizacə mö’tədil abü həvasi sazikar. Türbəti-məqbuli bərrü facirə tə’sirbəxş, Xaki-paki-surəti hər ziynətə ayinədar. Bu mücərrəbdir ki, bulmaz zülm bunda imtidad, Bu müqərrərdir ki, olmaz bunda zalim payidar. Gərçi bir qaç gün fələk xeyli-bəla tə’yin edib Qılmaq istərdi bu mülkün rəxti-eyşin tarümar, Küfr müstəvli olub, qılmışdı islami zəbun, Cəhl istila bulub etmişdi əhli-elmi xar. Tutdu dəsti-naleyi-məzlum dövran damənin, Saldı dudi-ahi-dil ayineyi-çərxə qübar. Çərx filhal oldu ol rə’yi-qələtdən münfəil, Dövr filfövr oldu ol fikri-xətadən şərmsar. Lütfi-İyzəd şamili-əhvali-əhli-fəqr olub, Qıldı feyzi-ədl ilə tədbiri-iczü inkisar. Bayir olmuş mülkə tə’yin etdi me’mari-xirəd, Susamış gülzarə irsal etdi əbri-növbahar. Badipayi-əzmi-kişvərgiri-aləmgərd ilə, Köhli-ə’yani-əcəm qıldıqda xaki-rəhgüzar, Qıldı məşhuri-ərəb fəthi-əcəm tarixini, Gəldi Bürci-övliyayə padişahi-namidar. Rövşən etdi ədldən hər guşəsində min çirağ, Cari etdi feyzdən hər mülkinə min cuyibar. Ol şəhanşahi-fələktabe’ ki, vermiş dövləti Bəhrü bər hökmündə xirşidə livayi-zərnigar. Həddi-zati iqtidari-mavərayi-rəsmi-əql, Rəsmi-feyzi-fitrəti mafövqi-həddi-iqtidar. Fevz gülzarında bir sərsəbz nəxli-barvər, Feyz dəryasında bir pakizə dürri-şahivar. Hər nə kim, aləm ona möhtac, ol ondan qəni, Hər nə onunla təfaxür xəlqə, ondan ona ar. Mülki-istiğnadə feyzi-ne’mətindən layəzal Xazini-gərdunə lazim səddi-babi-iftiqar. Cilvəgahi-övci-iste’ladə vəhmindən müdam, Badipayi-xoşxürami çərxə bimi-e’tibar. Padişahi-bəhrü bər Sultan Süleymani-vəli, Sərvəri-sahibnəzər, şahənşəhi-şəfqətşiar. Ol nihali-gülşəni-dövlət ki, şaxi-gül kimi Lütfü qəhrindən verir əhbabə gül, ə’dayə xar. Hər cəhətdən zati-paki nöqteyi-pərgari-mülk, Hasil onda hər tərəf yümni-yəmin, yüsri-yəsar. Baniyi-hikmət ki, ərkani-ənasirdən müdam, Çar divari-sərayi-sən’ət eylər üstüvar. Salmadan kuhi-şükuhindən onun səngi-əsas, Hər bina zimnində istehkamə qılmaz e’tibar. Yeddi əxtər kim, qəza əmrin sərəncam etməgə Naqətək qüdrət biyabanında çəkmişlər qətar, Qət’i-rahi-Kə’beyi-məqsud edərlərsə nola, Ol qəzahökmü qədərfərmanə vermişlər məhar. Münqəte’dir dəhrdən əsrində tədbiri-ümur, Mürtəfe’dir çərxdən dövründə təklifi-mədar. Faş söylərlər ki, biz mə’zuliz əmrü nəhydən, Hakim oldur, ondadır fərman, onundur ixtiyar. İstəsə gərdun gəzib ruyi-zəmini şərqü qərb, Nüsrəti-islam içün bulmaz onuntək şəhriyar. Şər’ hifzində ətəmmi-mö’cizati-Müstəfa, Din zühurində şəriki-əcri-əshabi-kibar. Olmasa mümkün fəzayi-ərseyi-ədlində seyr, Zülm edərdi dari-dünya əhlinə dünyayi dar. Həq iki adil Süleyman hakim etmiş aləmə, Əvvəlü axir qılıb sirri-ədalət aşikar, Ol Süleymanın şükuhi divə salmış rəstəxiz, Bu Süleyman səvləti küffari etmiş xakisar. Ol Süleymana məhəlli-əzmdə məhmil həva, Bu Süleymanə zəmani-rəzmdə məhkum nar. Aləmin vəsfin Süleyman mülki derlərsə nola, Çün Süleymandan Süleymanə qalıbdır yadigar. Almağa qiymət verib yerdən qübari-dərgəhin Çərx tədbiri-ticarət eyləmiş leylü nəhar. Ayü gündən keyl edib, xəlqi tutub şahid verir, Nurini peymanə-peymanə, alır ondan iyar. Billah, ey dövlət ki, dərgahında məhrəmsən onun, Düşsə firsət, halim ol dərgahə ərz et zinhar. Qılmışam tərtib səhni-sidqə min dürri-səna, Bulmazam rüxsət ki, dərgahə qılam bir-bir nisar. Məndən ol qafil, ona mən ruzü şəb əhli-dua, Məndən ol fariq, ona mən müttəsil ümmidvar. Ya Rəb, olmaz olamı axir bu dərdi-iştiyaq, Ya Rəb, olmaz olamı zail bu rənci-intizar? Buldu aləm feyzi-amindən ilaci-dərdi-dil, Haşalillah kim, qala ancaq Füzuli dilfigar. Var ümidim kim, ona həm ola şamil mərhəmət, Am olur, əlbəttə, feyzi-sayeyi-pərvərdigar. Ta mədari-gərdişi-gərdun bulub imkani-dövr, Dəftəri-dövran edə hifzi-hesabi-həftü çar. Həft əxtər edə əmri-padişahə inqiyad, Çar ünsür ola təb’i-padişahə sazikar. * * * Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi 1 Nə xoşdur əldə gülgun cam, başda eşq sevdasi, Könüldə vəsl zövqi, canda cananlar təmənnasi, Könül bir qaç zaman ənduhi-hicran ilə zar etmək, Yenə ümmid ilə ahəngi-bəzmi-vəsli-yar etmək. 2 Nə xoşdur ol müsafir kim, səfər əzmini cəzm eylər, Tutub rahi-təvəkkül mənzili-məqsudə əzm eylər. Bulub sudin səfərdən, kəsb edib sərmayeyi-işrət, Dönüb mülkinə hər mənzildə bir tədbiri-bəzm eylər. Fərəhnak öylə kim, bir nazənin şəhbazi-seydəfkən Alır seydin, olub xoşvəqtü xürrəm maili-məskən. 3 Nə xoşdur aşiyandan dəmbədəm şəhbaz pərvazi, Şikar üzrə həva tutmaqda olmaq çərx həmrazi. Urub minqar, açıb çəngal, tökmək seydlər qanın, Yetirmək kəbkü dürracü təzərvə şəhpər avazi. Alandan sonra seydin şad meyli-aşiyan etmək, Nəçük kim, fəth edib mülki-Firəngi xosrövi-qazi. Səfavü zövq ilə meyli-nigaristani-Rum etmiş, Xilafət təxtini müstəqdəmi-feyzi-qüdum etmiş. 4 Zəhi sultani-rovşənrə’y, mülkarayi-dəryadil Ki, tövfiqi-zəfər iqbalə qılmış cövhərin qabil, Binayi-ehtimamından dəmadəm olmasa möhkəm, Tilismi-dini-Həq tüğyani-küfr ilə olur batil. Ülüvvi-iqtidarından peyapey bulmasa rövnəq, Olur nəqşi-səadət səfheyi-əyyamdan zail. Şəhi-dünyavü din Sultan Suleyman şahi adildil Rizasin saxlayan həm din, həm dünya qılır hasil. Həvadis dəf’inə aləmdə qadir padişah oldur, Pənah istərsə, aləm, Xosrovi-aləmpənah oldur. 5 Hərimi-Həq çiraği, səltənət şəm’i-şəbistani, Riyazi-ədl sərvi, övci-rəhmət mahi-tabani, Xilafətdə vilayət əhlinin himmətli sərdari, Vilayətdə xilafət təxtinin dövlətli sultani. Sekəndər təxtinin iqbal ilə məqbuli-Darasi, Süleyman mülkünün isbat ilə varisi-Süleymani. Məlazi-məmləkət, məmduhi-millət, məzhəri-rəhmət, Hər afət dəf’i, hər qəm çarəsi, hər dərd dərmani. Şəriət ziyvəri, din rövnəqi, islam ayini, Mürüvvət mənbəi, insaf dəryasi, kərəm kani Ki, hər kim hər dil ilə hər nə vəsfin qılsa, əfzundur, Ona bənzər şəhənşəh görməmiş ta dövr gərdundur. 6 Şahənşahi ki, gərdun dərgəhi-qədrinə çakərdir, Cəmii müddəasi feyzi-dövlətdən müyəssərdir. Nə fərman kim, qılırsa Həq rizasinə mütabiqdir, Nə yan kim əzm qılsa, bəxtinə tövfiq rəhbərdir. Fəzayi-barigahi-ədlinin ə’yani-məqbuli Sərasər hər biri ədlinə bir pakizə məzhərdir. Müqəddəm cümlədən ol sərvəri-sahibsəadət kim, Əzəldən tinəti insafü ədl ilə müxəmmərdir. Nizamül-izzü vəl-iqbal Sultan Veysi-rövşəndil Ki, darül-mülki-Rum ənvari-ədliylə münəvvərdir. Könül, vəqt oldu, ol qütbi-zəman dövründə izhar et, Nə məqsəd kim, zəmanlar batini-pakində müzmərdir. Ədalət tinətinin tərzini ol pak təndən sor, Nübüvvət xirqəsinin zövqini Veysül-Qərəndən sor. 7 Şəha, cənnət dilərdim, Həq müyəssər qıldı didarin, Umardım nuri-rəhmət, ruzi oldu şəm’i-rüxsarin. Muradım Kə’bə idi, tövfi-dərgahin nəsib oldu, Çəkərdim lə’l üçün həsrət, irişdi səm’ə göftarin. Qılırdım arizu Həqdən kilidi-məxzəni-məqsud, Göründü dideyi-ümmidimə dəsti-gühərbarin. Səfayi-təl’ətin məhv etdi könlümdən ələm nəqşin, Müalic oldu hazir, qalmadı təşvişi bimarin. Təriqi-izzü iqbali itirmişdim olub qafil, Məni qəflət yuxusundan oyatdı bəxti-bidarin. Nə taət əcridir, ya nə dua tə’siridir, ya Rəb Ki, mətlübi müyəssər oldu möhnətsiz tələbkarin? Füzuli hüsni-ətvarilə olmuş qürbünə mail, Budur tə’siri aləmdə həmişə hüsni-ətvarin. Səfayi-niyyət ilə yox dua qılmaqda təqsiri, Dua olsa riyasız, böylədir, əlbəttə, tə’siri. 8 Binayi-rif’ətin ta dövri-gərdün var, var olsun! Mədar etdikcə aləm, dövlətin aləmmədar olsun! Məqami-irtifai-qədrinə bimi-həvadisdən Həmişə dövləti-tövfiqi-həq hisni-həsar olsun! Sərayi-himmətin kim, xəlqə salmış sayeyi-rəhmət, Əsası nüsrətü fəth ilə daim üstüvar olsun. Təmamiyi-ümurin hər cəhətdən mövcibi-təhsin, Cəmii-xidmətin mənzuri-eyni-e’tibar olsun! Sən olğıl ərcüməndi-mülk, düşmən qeydi-qəm çəksin, Sən olğıl sərbüləndi-dəhr, hasid xarü zar olsun! Fəzayi-büq’eyi-Bağdad ədlindən olub rövşən, Mizaci-pakinə abü həvasi sazikar olsun! Səriri-hökmi-bürci-övliya səndən bulub ziyvər, Səfadən hər güni novruzü hər fəsli bəhar olsun! Sənin vəsfinlə gün-gündən tapub rövnəq mənim nəzmim, Mənim nəzmimlə vəsfin virdi-əhli-ruzigar olsun! Zəban olduqca bir dəm getməsin zikrin zəbanimdən, Xəyali-xidmətin məhv etməsin Həq lövhi-canimdən. * * * Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal, Yoxdur onsuz xəlq cismində həyatə ehtimal. Gəldi ol Xizri-mübarəkpey kim, onsuz bidəlil Müztərib qalmışdı əhli-fəzlü ərbabi-kəmal. Gəldi ol Mehdi ki, salmışdı zəmani-qeybəti İqdi-nəzmi-kişvəri-islamə bimi-inhilal. Gəldi ol Asəf ki, qondurmuşdu cündi-şövkəti Daməni-mülki-Süleymanə qübari-ixtilal. Sərfərazü rastəhdü nikrə’yü xubruy Sərvəri-pakizə ətvarü pəsəndidə xisal. Cövhəri-qabil Əyasi-aqibət Məhmud kim, Xəlqə göstərmiş onu İyzəd fələkdən bir misal. Mərhəba, ey rövnəqəfzayi-səriri-izzü cah, Mərhəba, ey ziybbəxşi-məsnədi-cahü cəlal! Sərvəra, həqqa ki xurşidi-cəmalindən cüda, Əxtəri-iqbalinə yetmişdi Bağdadın zəval. Olmuş ikən əşk seylabiylə ə’ma, şükr kim, Buldu çeşmi-mülk xaki-məqdəmindən iktihal. Qalmamışdı feyz, guya kim sənə imdad üçün, Övliya qılmışdı Bürci-Övliyadən irtihal. Ey xoş ol kim, xirməni-ə’dayi bərbad etməyə, Canibi-dəryayə qıldın seyr manəndi-şimal. Xəsm mülkinə xüraman eylədin xəzra ələm, Şərri-şeytan dəf’inə açdın mələkvəş pərrü bal. Girdin ol iqlimə kim, bəhr ilə bərrində onun Yox sənə bir munisü qəmxar qeyri-Zülcəlal. Qılmadın əmvaci-dəryayi-ədavətdən həzər, Çəkmədin əhvali-asari-həvadisdən məlal. Kəsdin əvvəl fitnə başın intizami-mülk içün, İbtidayi-kari-xeyr etdin, mübarək oldu fal. Fəth qıldın ol yeri kim, dövri-Adəmdən bəri Qılmamışdı sahibindən qeyrə hərgiz intiqal. Aldın ol iqlimi kim, aləmdə yüz min padişah Həsrətiylə verdi can, fəthin bilüb əmri-məhal. Açdın ol mülki ki, yüz min səltənət lafın uran Oldu əcz ilə onun də’vayi-təsxirində lal. Şahidi-Bəsrə pərişanhal ikən verdin ona Xəttü xali-ləşkəri-islamdən ziybi-cəmal. Minbərin zikri-hümayun ilə etdin sərbülənd K’ol məqami heyfdir qılmaq ərazil payimal. Sikkəsinə padişah ismiylə verdin ziybü fər, Heyfdir kim, ola ol rə’na siyəhru layəzal. Kəsdin ol iqlimdən əhli-Firəngin rəğbətin, Aça bilməz oldu küffar ol yana çeşmi-xəyal. Xəlqə e’lan etməgə dini-Məhəmməd taətin, Eylədin ol Məscidi-Əqsayə tə’yini-Bilal. Sərhədi-Hindistan açdın, sənə yüz afərin! Rum rüxsarına xeyli ziynət artırdı bu xal. Gər sənə düşmən müqabil durmadiysə, vəchi var, Oldürür xəffaşü sənsən afitabi-bizəval. Fəth yüz vermiş sənə hər qanda kim əzm eyləsən, Hiç kəsdən surətə gəlməz xilafi-imtisal. Ləşkərin əzm etsə bir saətdə eylər tarimar, Hər nə tədbirü təəssül qılsa xəsmin mahü sal. Seyr qılsan himmətin sərfinə doymaz bir nəzər, Qılsa ə’da cümlə ömrün sərfi-zəbti-mülki mal. Ərseyi-cəngü cidalin qətldən xali qalıb, Müttəsil rə’yinlə tiğindir qılan cəngü cidal. Tiğin isitər rəzm edə, qanlar tökə, başlar kəsə, Rə’yin etməz düşmənin fəthini möhtaci-qital. Böylə ki, tövfiqi-Həq nüsrət nəsib etmiş sənə, İntisabi-rif’ətü iqbalə düşmüşdür məcal. Dut cahan mə’murəsin sərəskəri-islam olub Növcəvanlar zuri-bazusuna doymaz pirə zal. Cövhəri-zatində çün namusi-nəzmi-mülkdür, Lütfi şahənşahi-islamın sənə olsun həlal. Oldu rövşən kim, sənə ağazi-rif’ətdir bu fəth, Pərtövi-xurşiddən bədr olacaqdır bu hilal. Var ümidim kim, müxaliflər arasında müdam, Asiman qıldıqca niyrani-ədavət işti’al, Müttəsil fəth ola ruzi canibi-Həqdən sənə, Fezyi-mədhinlə Füzuli xəstəyə hüsni-məqal. * * * Çöhrəvü xəttün xəyali çeşmimi qılmış məqam Çöhrəvü xəttün xəyali çeşmimi qılmış məqam, Açmağa Bəhreyni cəm’ olmuş sipahi-Rumü Şam. Cilvəgah etmiş qübari-dərgəhin müjganimi, Sahili-dəryayı dutmuş əskəri-Darus-səlam. Rahi-eşqində sirişkim göstərir hər dəm hübab, Əzmi-rəh etdikcə ləşkər, rəsmdir nəsbi-xiyam. Cəng edərlər bir biriylə tiğin içün xublər, Rəsmdir ləşkərdə sular üzrə qılmaq izdiham. Sərv lafi-hüsn edər, göstər qiyamın mən’ qıl, Baş çəkən sərkəşlərin dəf’inə vacibdir qiyam. Qoyma zülfün düşməyə mahi-rüxi-rəxşaninə, Qıl Müşə’şə mülkinin sahirlərə seyrin həram! Könlümü gör, didədən gəh qan tökər, gəh qan içər, Məddü cəzrini təmaşa qıl bu dəryanın müdam. Dil evinə rövzən aç sinəm dəlib tiğinə kim, Müntəzirdir fəthi-rahi-Kə’bə içün xasü am. Ey könül, dövran çəkib gərdunə Keyvan məhmilin, Şəmsdən Mərrixə vermiş tövsəni-zərrin-licam. Çərx qalxanını zərrin qübbə etmiş mehrdən, Mahi-növ tiğin şəfəqdən eyləmiş gülgun niyam. Fəth əsbabini yüklətmiş qətari-həftəyə, Ehtiyat üzrə olub görmüş səfər qeydin təmam. Qaliba sultani-divani-qəza hökm eyləmiş Kim, verə Darüs-səlamə düşməni-sərkəş səlam. Hakimi-təqdirdən dövrana olmuş əmr kim, Edə mülki-Bəsrəyi məhruseyi-Bağdadə ram. Bağlamış himmət bu fərmanı sərancam etməgə, Həzrəti-paşayi-Keyvanqədrü gərdün ehtişam. Sərfərazi-aqibət-Məhmudü qutbi-raströv, Ə’dəli-əqran Əyasi-nikrə’yü niknam. Ol Məsihadəm ki, əmvati-ələm ehyasına Xaki-dərgahindədir keyfiyyəti-yöhyil-izam. […] Ey qübari-dərgəhindən qədri-gərdun ariyət, Vey füruği-mehri-ruyindən səfayi-sübh vam. Dövrdən hasil sənə daim nəşati-müstəzad, Bəxtdən ruzi sənə peyvəstə cahi-müstədam. Cami-bəzmi-rəzmin içməkdə dili-düşmən kəbab, Dəf’i-nari-qəhrin etməkdə xəyali-xəsm xam. Hər şüayi-xəncərin bərqi-fənadən bir şərər, Hər sədayi-navəkin mülki-ədəmdən bir pəyam. Ömrlərdir qətli-ə’dadən əcəl çəkmiş əlin, Onu divani-qəzadən tiğin etmiş iltizam. Həq təaladan sənə fəthi-dəmadəm lütfi-xas, Səndən əhli-aləmə lütfi-peyapey feyzi-am. Rəzmgahində mizaci-tiğü təb’i-rümhüni, Müxtəlif qılmış təriqi-iftiraqü iltiyam. Çalışıb hər bir əduni tiğin etdikcə iki, Hər iki bir olmağa rümhün qılır iqdami-tam. Qəsdi-fəthi-mülk qılmışsan, mübarəkdir bu rə’y, Əzmi-dəf’i-düşmən etmişsən, müyəssərdir bu kam. Çox zəmanlardır ki, seydi-mərdümi-tüccar içün Rəhgüzari-hində qurmuşdur həsari-Bəsrə dam. Onda qanlar yurddurubdurlar tərəddüd əhlinə, Gəldi ol dəm kim, çəkə tiğin olardan intiqam. Dəprənən ləşkərmidir, ya Dəclədir Bağdaddən Eyləyib tüğyan Cəzayirdən yana qılmış xüram? Dutmağ olmaz böylə seylabın yolun xaşak ilə, Qılmasınlar mən’inə əhli-Cəzayir ehtimam. Yel buraxdı Hind dəryasinə əzmindən xəbər, Titrədi dərya, məhabət Hind sübhin qıldı şam. Qıldı Qütbül-Mülki təhrikin yerində müntərif. Getdi xövfünlə Nizamül-Mülk mülkündən nizam. Vəhmi-tiğin eylədi əhli-Firəngi zərdrəng, Qıldı gərdi-ləşgərin səhrayi-Hindi mişkfam. Mişk söylərsəm sipahin gərdinə, qılman xəta Çün Füzuli xəstəyə ondan müəttərdir məşam. Ta şəbü ruz ixtilafiylə müqərrərdir mədar, Ta məhü xurşid dövranında mümkündür dəvam, Var ümidim, xabi-qəflətdən həsudun durmayıb, Bəxtini bidar edə tövfiqi-Həyyi-layənam. * * * İrişdi vəqt ki, gül basa busitanə qədəm İrişdi vəqt ki, gül basa busitanə qədəm, Cəhani eyləyə lütfi-bahar rəşki-İrəm. Verə bənəfşə ilə bərgi-ərğəvan çəmənə Səfayi-ziynəti-peyvəndi-abinusü bəqəm. Həvadən eyləyə əşcari əbr gövhərbar, Səhifeyi-çəmən üstündə jaləvü şəbnəm. Günəşdən ola sipehri-kəvakibü səyyar Çinar sayəsi altında səbzeyi-xürrəm. Səhifeyi-çəmən üzrə tərəddüd edə nəsim, Məsih cilvəgəhi ola daməni-Məryəm. Üqudi-şəbnəm ilə ruzü şəb hərarəti-mehr Xütuti-səbzəyi gəh möhməl edə gəh mö’cəm. Müsavi ola lətafətdə asimanü zəmin, Bərabər ola yügürməkdə əşhəbü ədhəm. Çəməndu oxuna hökmi-əyaləti-novruz, Misali-hökmə nisar eyləyə şükufə dirəm. Rəvacbəxş ola gülzarə e’tidali-həva, Nəçük ki, xütteyi-Bağdadə sərvəri-ə’zəm. Güli-bəhari-ədalət, nihali-gülşəni-cud, Şükufeyi-çəməni-lütfü sərvi-baği-kərəm. Məhi-sipehri-əyalət Əyas paşa kim, Əsasi-mülkdür əndişəsilə müstəhkəm. Bülənqədr cənabi ki, rə’yi-rövşəninə, Degil dəqayiqi-adabi-səltənət mübhəm. Müşərrəf eyləməmiş bir onun kimi kamil, Səriri-səltənəti ondan əsbəqü əqdəm. Vücudi-kamilinə yox nəzir aləmdə, Nə ehtiyac ki, mən söyləyəm, bilir aləm. Əya büləndnəzər afitabi-övci-şərəf Ki, xəlq rizqinədir dəsti-himmətin məqsəm. Fəqiri-süfreyi-ən’amın əğniyayi-zəman, Ğəriqi-ne’məti-ehsanın övliyayi-niəm. Hərimi-dərgəhinə əzm edən fəqirlərə Nisabi-ne’mət ilə fərz olur təvafi-hərəm. Təqərrübün sənin ol rütbeyi-səadətdir Kim, onda lazım olur qürbi-Həqtəala həm. Ümid ilə tutalı daməni-ədalətini, İrişməz oldu giribani-mülkə dəsti-sitəm. Qəza yazanda sənin isminə bəqa mülkün, Qılır ədulərini növki-tiğin ilə qələm. Bu olmasaydı qərəz, səfheyi-vücudə qəza Sənin ədulərin ismini eyləməzdi rəqəm. Fəsad tə’nəsin insanə eyləyən mələki, Gər etməsəydi sənin hüsni-siyrətin mülzəm, Fəsadə qail olub infialdən başın Yuxarı qaldıra bilməzdi bir bəni-adəm. Təharətü vərə’ü zöhdü təqva ilə müdam Binayi-hüsni-sülukindir ol qədər möhkəm Ki, bəhri-hiyleyi-İblis ona gər olsa mühit, Təsəvvür eyləmək olmaz kim, ol bina çəkə nəm. Gəlib hüzurinə görsəydi pak məşrəbini, Çalardı xiclət ilə cam tövbə daşına Cəm. Girüb sipahinə olsaydı vaqifi-rəzmin, Təfaxür etməz idi zərbi-tiğilə Rüstəm. Bu növ ilə ki, zamanində cismi-mülk müdam Bulur həyati-mücəddəd, zəmin-zəman, dəm-dəm, Vücud hifzini lütfün əgər edinsə murad, Binayi-feyz ilə məsdud olurdu rahi-ədəm. Müqərrər eylədi gərdün ki, dəhr durduqca, Nihali-qamətini bari-qəmdən etməyə xəm. Zəmanə üzrə görən sayeyi-ədalətini Rəvamidir ki, edə sayeyi ədaləti kəm. Şəha, Füzuliyi-zarəm ki, çərxi-bihudəgərd, Salıbdır ayineyi-təb’imə qübari-ələm. Tənimdə zəxmi-xədəngi-bəla, vəli şadəm Ki, lütfün olsa, bulur cümlə zəxmlər mərhəm. Ümid var ki, təsxiri-mülki-aləm içün Fəzayi-çərxdə çəkdikcə afitab ələm, Zaman-zaman yüzünə bağlı qapılar açıla, Nəfəs-nəfəs olub əfzun qapında xeylü həşəm. Müyəssər ola ki, tövfiqi-fəth ilə tiğin Ola İraqi-Ərəbdə kilidi-sülhi-Əcəm. * * * Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfam Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfam, Mə’dəni-yaquti-səhba, gülbüni-gülbərgi-cam! Qönçeyi-gülzari-hikmət, höqqeyi-şəhdi-səfa, Dürci-dürri-mə’rifət, me’yari-idraki-təmam. Pərdədari-düxtəri-raz, dayeyi-bintül-inəb, Məhrəmi-sultani-mey, mətbui-əbnayi-giram Əl dutub, düşmüşləri bir-bir əyağə duğruzan, Sərf edən varın könüllər açmağa hər sübhü şam. Nazənin dilbər kimi əhbabə qanlar yudduran, Dərd ilən aşiq kimi qanlar tökən gözdən müdam. Vəh, nə cövhərsən ki, bilməz hiç kim xasiyyətin, Əczi-övsafındadır təqsirə qail əqli-tam. Gəh gülüb qəh-qəh, tər eylərsən dimağın məclisin, Gəh əgilüb xəlqə üzrilə qılırsan ehtiram. Nə duadır bilməzəm qülqül deyib zikr etdiyin K’ol duanın hörmətin vacib bilibdir xasü am. Əql alırsan, can bağışlarsan kəmali-sehr ilə, Divi salıb şişəyə, odu qılırsan suyə ram. Gah durmaq, gah əgilmək, gəh əyağə düşməgin, Zahir eylər gəh sücudü gəh rüku’ü gəh qiyam. Bir riyayi zahidə bənzər sülukin kim, ola Dışrası təqva ilən ziyba, içi dolu həram. Yox, yox, ətvarin münəzzəhdir riyadən, şübhəsiz, Səndə müzmərdir xəvasi-şərbəti-yöhyül-izam. Qılmasınlar tə’nə, gər meyxanələr seyr eyləsən, Sufiyi-safidərunsan, zairi-Beytül-həram. Əl’əmanət, ey çiraği-əhli-qədrü e’tibar, Əlmürüvvət, ey nizami-əhli-izzü ehtişam. Çün səfayi-niyyətin tövfiqi-hüsni-siyrətin, Qıldı qürbilən səni bəy xidmətində şadkam. Umduğun sərmənzili-məqsuduna basdın qədəm, Kimsə məhrəm olmayan dərgahdə dutdun məqam. Xatirindən çıxmasın məhrum olan üftadələr, Tanrıçün yadında tut gər düşsə təqribi-kəlam, Ərzə qıl məndən dua ol mə’dəni-insafə kim, Feyzi-ədlilə pərişan mülk tapmışdır nizam. Harisi-mə’mureyi-Bağdad, qütbi-əhli-Rum, Hamiyi-mülki-Həma, müstəhfizi-sərhəddi-Şam, Veys bəy həzrətləri, xurşidi-övci-iqtidar, Şəhriyari-nikrə’yü nikbəxtü niknam. Əmri-iqbalın mürəttəb qılmağa olmuş ona, Şam bir hindu kənizək, sübh bir rumi qulam. Ol biri təzyini-xəlvətgahinə iqdam edib, Bu biri tərtibi-eyvanına eylər ehtimam. Camə qılmış Cəm sifarişlər ki, yetgəc bəzminə, Öp əlin, ixlasımı ərz et, yetir məndən pəyam. Badəyə Cəmşid əmanət yukləmiş kim, Tanrıçün, Görgəc onu düş əyağinə, yetir məndən səlam. Ey xuraman sərv kim, ta dövrə gəlmişdir qədəh, Görməyibdir sən kimi bir türfə sərvi-xoşxüram. Sağəri-xülqin nəsimindən müsəffadır dimağ, Badeyi-lütfin şəmimindən müəttərdir məşam. Qanda kim, girdisə düşmənkam çıxdı cami-mey, Şükri-lillah kim, sənin bəzmində oldu dustkam. Özgələr dövründə çox qan yuddurubdur sağərə, Dövri-zalim verməyib tərtib olan bəzmə dəvam. Dövləti-cavid imdadilə firsətdir bu gün, Sağər iste’cal edib dövrandan alsa intiqam. Sərvəra, fariğ deyil səndən Füzuli bir zəman, […] * * * Bu bəhri-niylgun min mövc hər saat əyan eylər Bu bəhri-niylgun min mövc hər saat əyan eylər, Ülül-əbsarə bir-bir kəşfi-əsrari-nəhan eylər. Nişani-kəsrəti-əşya dəmadəm əhli-təqlidə Rümuzi-nukteyi-tövhidi-Həq xatirnişan eylər. Bəyani-macərayi-masələf hal əhlinə bir-bir Zəbani-halilən keyfiyyəti-qüdrət bəyan eylər. Tənə’ümdə qürurü fəqrdə hirman şüar etmə Ki, hikmət bu iki halətdə xəlqi imtəhan eylər. Verür fəqr içrə şükr əhlinə qədri-Musiyi-İmran, Tənə’üm içrə tərk əhlin Süleymani-zəman eylər. Xoşa ol kim, bilib fəqri tənə’üm, mülki-dünyanın Yoxun eylər təsəvvür var, varın yox güman eylər. Ziyanü sudini dəhrin fəna fəhm eyləyən arif, Həyatın sud sövdasilə sərf etsə, ziyan eylər. Yamanlıq, yaxşılıq keyfiyyətin mə’lum edən aqil, Yamanlıq edənə yaxşılıq etməzsə, yaman eylər. Fələk guya degil əhli-fərasət kim, fəna əhli Cəfasından onun peyvəstə fəryadü fəğan eylər. Mən ondan istərəm tə’zimü təkrimü təvanalıq, Məni gün-gündən ol zarü zəifü natəvan eylər. Tənimdə zə’fdən bir üstüxan qalmışdurur, gərdun Müdam ol üstüxani qəm xədənginə nişan eylər. Nəçün kim xakidani-aləmi-süflidə adətdir, Kəmandar ox atan saət nişanın üstüxan eylər. İrişməz kimsədən əhvalimə feyzi-nəzər, bəs kim Məni zə’fi-bədən daim nəzərlərdən nihan eylər. Könül viranəsin mə’mur qılmaq qəsdinə çeşmim, Üzarim üstünə cədvəl çəkib sular rəvan eylər. Bieyni öylə kim, cədvəl çəkib sular qılıb cari, Əmiri-kamiran viranə yerlər abadan eylər. Məhi-övci-səxa Əlvənd bəg, k’ol mə’dələt pişə Ki, ədli hər zaman ruhi-Rəsuli şadman eylər. Zəhi saleh ki, daim iqtidayi-əmri-mə’rufun İtaət əhlini asibi-duzəxdən zəman eylər. Ona qılsın itaət buyruğiylən eyləsin taət, Qiyamət vəqti hər kim meyli-gülzari-cinan eylər. Verir Qur’an yerinə sihhəti-taət əgər zahid, Nəmaz içrə duayi-dövləti virdi-zəban eylər. Əgər tə’lim versə surəti-divarə əhli-dil, Qılıb kamil qamu mə’nidən onu nüktədan eylər. Əya pakizə əxlaqü fələkqədrü mələksiyrət Ki, hər nakamə yetsə iltifatın kamiran eylər. Bəhar əyyaminə gər feyzi-əxlaqın əsər salsa, Həvasini qılır canbəxşü əbrin dürfəşan eylər. Xəzan fəslini gər təb’i-lətifin tərbiyət qılsa, Tökər altun vərəqlər, adını bərgi-xəzan eylər. Kəmali-himmətin çün mülk tə’mirinədir sa’i, Qamu səhraləri, əlbəttə, bağü busitan eylər. Bu gündən sonra qalmaz hiç viran mülk, heyranəm Ki, cüğd abad yerdən qaçsa xanda aşiyan eylər? Bu gündən sonra səhralar olur mərdümnişin, ya Rəb, Əgər vəhşi gəlib ram olmasa, qanda məkan eylər? Verir tə’mir mülki-bayirə barani-ehsanin, Nəçük kim, abi-Xızr əmvati həyyi-cavidan eylər. Sənə taət yetər ancaq bu kim, daim həvadisdən Xəlayiq hifzini məhruseyi-əmnü əman eylər. Xudavənda, sənə mənsubdur əhkami-şər’iyyə, Nəçük gərdun mənə dövründə cövri-bikəran eylər. Nə heyf etdim ona kim, dönə-dönə heyf alır məndən, Nəsin öldürmüşəm kim, ləhzə-ləhzə qəsdi-can eylər? Günahsız bağrımı qan eylədi caizmidir böylə? Rizayi-Həqq üçün bir sor ki, nahəq nişə qan eylər. Füzulidən götürmə sayeyi-əltafü ehsanın, Kəmali-ədlini zikr ilə məşhuri-cəhan eylər. Ümidim var kim, ta asimandır dövrlən dair, Sənin rə’yincə olsun dövrlər kim, asiman eylər. * * * Bir gün ki, dey əlamətin etmişdi aşikar Bir gün ki, dey əlamətin etmişdi aşikar, Tutmuşdu üz füsürdəligə təb’i-ruzigar, Badi-xəzan yetib hərəkati-şəni’ ilə, Hər yan dirəxt rəxtini etmişdi tarimar. Sərsər hücumu qarəti-bustanə əzm edib, Əslilə qoymamışdı ağaclarda bərgü bar. Bərgini şaxi-gül yelə vermişdi sərbəsər, Yə’ni, təcəmmülünə cəhanın nə e’tibar?! Tey qılmış idi səbzə büsatını busitan, Yə’ni ki, mö’təbər degil əsbabi-müstəar. Yel böylə fəsllərdə təmənnayi-künc edər, Mən eylədim səba kimi gülşən yana güzar. Bir bağə düşdü rəhgüzərim gördüm onda cəm’, Tərtibi-eyş qılmağa əsbab hər nə var. Dolmuş qədəh şərab ilə gəlmiş araya kim, Gər lalə getdi isə, mənəm şəm’i-laləzar. Minayi-səbz lütflə dolmuş əyağə kim, Gər qönçə fani oldu, mənə ömri-payidar. Gəlmiş kəbab dövrə və söylər ki, ey qədəh, Hərgiz tutarmı xidməti-yaran edən qərar? Hər türfə nəxl bərgi-xəzan ilə bağlamış, Meyli-imarət eyləyibən taqi-zərnigar. Yığmış fəzayi-bağə xəzan bərgi xiştlər, Guya həva hücuminə tutmaq dilər həsar. Əlqissə, ol büsatdə mən gərmi-şövq olub, Aldım mətai-zövq, verib nəqdi-ixtiyar. Oldum təmam qərqeyi-dəryayi-şövqü zövq, Dutdum təriqi-rabiteyi-əqldən kənar. Hər dəm bir iltifatə fəda eylədim xirəd, Hər ləhzə bir həvəsdə nisar eylədim vüqar. Hər kim əyağ sundu mənə, mən ayağına Cinsi-həvasü nəqdi-xirəd eylədim nisar. Ərvahi-qüds bəzmi imiş, onu bilmədim, Mən məstü bixud oldum, olar qaldı huşiyar. Bihuş düşmüşəm mütəğəyyir mizac ilə, Qafil ki, leyldirmi keçən dövr, ya nəhar. Olmuş hücumi-hadisədən huş müntəzim, Qılmış səfayi-əql meyi-tirədən fərar. Bir ləhzeyi ki, seyqəli-idraki-müstəqim, Nagəh götürdü ayineyi-təb’dən qübar, Açdım gözümü görmədim ol bəzmdən əsər, Həqqa budur təbiəti-dünyayi-bimədar. Qılmaz qamu qəziyyədə əmrinə müstədam, Olmaz cəmii-əmrdə bünyadi üstüvar. Gördüm yerim fəzayi-bisati-sürur ikən, Olmuş məziqi-məzbəleyi-əczü inkisar. Həmsöhbətim cəmaəti-əhli-qəbul ikən, Olmuş nədimü həmnəfəsim neçə murü mar. Cismim cəfayi-şiddəti-bərd ilə natəvan, Başım bəlayi-hadisə daşiylə səngsar. Əhli-cəfa tənimdə olan kisvətim alıb, Qoymuş məni bürəhnəvü lərzanü xarü zar. Nə bir rəfiq kim, ola ol dəmdə dəstgir, Nə bir ənis kim, ola ol qəmdə qəmküsar. İyzəd üzümə bağlamış əbvabi-rəhmətin, Yə’ni, budur nəhayəti-üsyani-badəxar. Çox badə bəzmi-dövrdə nuş etmişəm, vəli, Mən hiç meydə görməmişəm bu sifət xumar. Həm zillət ilə dərgəhi-xaliqdə münfəil, Həm heyrət ilə xəlq arasında şərmsar. Dövranə eylədim bu müsibətdə e’tiraz: K’ey çərxi-bimürüvvətü bədəhdi-nabəkar. Bir ömrdür ki, məcməi-əhli-kəmaldə, Eyşü nişat ilə içirəm cami-xoşgüvar, Hərgiz özümü görməmişəm böylə bişüur, Hərgiz özümü görməmişəm böylə xakisar. Meyxanələr mücaləsətindən alıb sürur, Mey təb’imə olurdu fərəhbəxşü sazikar. Hala nə vaqe’ oldu ki, verdin bu gün mənə, Nöqsani-irzü malü şikəsti-təni-figar? Dövran cəvab verdi məni-natəvanə kim: Ey xəstə! Bu müsibətə səbr eyləgil şüar! İyzai-cismü can nəsihətdürür sənə, İdrak əhlisən, bu nəsihətdən etmə ar! Aldanma mey nişatinə vü demə dəmbədəm Kim, nişə böylə onu həram etdi Kirdigar? Hər əmrü nəhyə ibrət ilən e’tibar qıl, Hər işdə e’tibari şüar eylə zinhar! Dəf’ oldu ol müsibətü ondan əyan olan, Təhqiqi-sirri-hikməti-Həq qaldı payidar. Gər getdi rəxt, nəxl kimi qılma iztirab, Səbr et kim, küdurətə həm yoxdur e’tibar. Bu rəsmdir bürəhnə olub qışda hər dirəxt, Təcdidi-kisvət eyləmək əyyami-növbəhar. Sən həm nihali-növrəsi-gülzari-eşqsən, Gər getdi bərg, xatirinə yetməsin qübar. Kəsmə bəhari-lütfü kərəmdən ümidini, Təcdidi-rəxti-tazəyə olgil ümidvar. Cüz’i xəsarət ilə məlul olma, şükr qıl, Bəg xaki-dərgəhinə fəda böylə səd həzar. * * * Yenə açıldı gülü qıldı cəhani xürrəm Yenə açıldı gülü qıldı cəhani xürrəm, Çəmənarayi-vücud oldu güli-baği-ədəm. Müjdeyi-lalə vü gül verdi məgər badi-bəhar Ki, nisar etdi şükufə ona dinarü dirəm. Lalə bir rəng ilə kəşf eylədi əsrari-dərun Ki, dili-xakdə qalmadı rümuzi-mübhəm. Şəm’i-gül verdi çəmən bəzminə bir nurü sürur Ki, çirağ ilə bulunmaz əsəri-zülməti-qəm. Baddən qönçələrə hamilə oldu gülbün Öylə kim, İsaya Cibril dəmindən Məryəm. Dəmi-canbəxşini guya yelə vermiş İsa Ki, bulur can təni-əşcar dəmindən hər dəm. Dəm bu dəmdir, bu dəmi xoş görəgör, ey arif, Anma İsa dəmini, urma keçən dəmdən dəm! Səbzəxiz oldu həvadən ölülər toprağı, Səbzə hər lövhi-məzarə bu xəti qıldı rəqəm: Ki, niçün qəflət ilə fövt ola bir mövsim kim, Ola ondan dirilər tək ölülər həm xürrəm. Xaki-Cəm üzrə çıxıb lalə, dutub camını der Ki: kimin var isə bir camı, bu gün oldur Cəm. Adəmi istəsə topraqdə, əlbəttə, bulur Bu gün ol feyzi ki, toprağı edibdir Adəm. Səbzədən jəng əyan eylədi ayineyi-bağ Bəs ki, çəkdi dünü gün şəbnəmi-barandan nəm. Türfə kim, səbzə ilə rövnəqi-bağ oldu ziyad, Gərçi hər ayinədən jəng səfa eylər kəm. Bülbülə minnət edib dün der idi badi-bəhar Ki: mənəm vasiteyi-rövnəqi-mülki-aləm. Dedi bülbül ona: ey əhli-xilaf, eyləmə laf! Bir həya qıl, bu sözü söyləmə, əbsəm, əbsəm! Sən əgər bilməz isən, cümleyi-afaq bilir Ki, kimindir bu mübarək əsəri-feyzi-qədəm. Tazə gülzari-vəzarətdə açılmış bir gül, Vermiş afaqə nəsimi-əsəri lütfi-İrəm. Qılmış ondan bu səfa kəsbini gülzari-vücud, Olmuş onunla bu bünyadi-lətafət möhkəm. Ol sərəfraz kim, onun kimi bir fərrüx rüx Payeyi-qədrə qədəm basmadı ondan əqdəm. Ondan aldı əzəmət əmri-vəsarət, guya Hökm üçün şimdi Süleymanə verildi xatəm. Ona xətm oldu rəhü rəsmi-hökumət, guya Şimdi nəsb oldu bu dərgahə vəziri-ə’zəm. Hüsni-rə’yilə bu gün hökmə girir divü pəri, Zərbi-tiğilə bu gün fəth olur iqlimi-Əcəm, Ki, Süleymani-zəman Asəfi etdi nayib, Oldu sərəskəri-Keyxosrovi-dövran Rüstəm. Ol cavanbəxt ki, icrayi-ədalətdə müdam, Nəsəqi-şər’ilədir əmri-şərifi töv’əm. Pərtövi-rəhməti-Həq həzrəti-Rüstəm Paşa Səri-ərbabi-səxa, sərvəri-pakizəşiyəm. Gər səbadən xəbəri-ədlin eşitsə, edəməz Şəm’ pərvanəyə mütləq diri olduqca sitəm. Mülk nəzminjə əgər hökmünə olsa vaqif, Zülfi-məhbubi həva eyləyə bilməz dərhəm. E’tidal istəsə ərkani-mizacə ədli, İrişür sihhəti-am ilə ətibbayə ələm. Feyzi-nüsrət bulur, əlbəttə, cahangirligə Himməti hər kimə xurşidsifət versə ələm. Səfheyi-namə kimi cəzm dutar hər yerə kim, Kilkvəş çəksə süturi-sipəhi xeylü həşəm. Rif’əti-qədrini xurşidə sual etdi zəmin, Xaki-dərgahinə yad eylədi xurşid qəsəm Kim, onun bulmayıb əhvalına bir zərrə vüquf, Qalmışam daireyi-heyrət içində mən həm. Taəti-Xaliqədir hüsni-risasi dai, Rizqi-məxluqə kəfi bəhri-nəvaliməqsəm. Bəhrü kan eyləsələr də’viyi-ehsanü səxa, Kərəmü cudini gördükdə olurlar mülzəm. Qanı ol rütbə ki, cudiylə onun bəhs edə bəhr, Qanı ol hövsələ kim, kan kərəmdən ura dəm. Hər nə tədric ilə min ildə verə bəhreyi-kan, Hər nə yüz ildə mürur ilə olur hasili-yəm, Bəzl bir dəmdə edər məclisinə xazini-cud, Sərf bir gündə qılır bəzminə qəssami-kərəm. Billah ər görmüş olaydı kərəmi-bibədəlin, Onu mö’cüz sanıb iymanə gəlirdi Hatəm. Sərvəra, cümleyi-afaqə yetirmiş ədlin Vüs’ət üzrə əsəri-rabiteyi-xani-niəm. Nola gər dari-şəfayi-kərəmindən yetsə Bu Füzuliyi-diləfgarinə həm bir mərhəm. Var ümidim ki, cahan olmaya xali səndən, Necə kim, var nücumü fələkü lövhü qələm, Şüğli-aləm ola tədbirin ilə rast müdam, Qəddi-gərdun ola pabusin içün daim xəm. * * * Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbani Bihəmdillah vəl-minnə ki, tövfiqati-rəbbani Yetirdi mənzili-məqsudə İbrahim sultani. Təriqi-Kərbəla, rahi-Nəcəf bir rəhbər istərdi, Bu yolda gördü Həq Xizr olmağa sultani ərzani. Vilayət dürlərinin mə’dənidir övliya bürci, Əmini-Həq görüb sultana tapşırdı fələk ani. Əya sultani-ali-himmətü sərdari-adildil Ki, sənsən gövhəri-insafü dürri-mə’dələt kani. Müştərrəf eylədi zati-şərifin xaki-Bağdadi, İmarət qıldı rə’yi-gəncbəxşin mülki-virani. Səfa tapdı visali-məqdəmindən yenlə can baği, Əsas aldı binayi-himmətindən ədl eyvani. Qədəm basdın diyari-əşrəfi-Bağdadə vü bir-bir Məzaratü büqaül-xeyr səndən oldu nurani. Ziyarətlər ki, qıldın, asitanlar kim, təvaf etdin, Qəbul olsun ki, tapdın hər birindən feyzi-Rəbbani. Məqami-Qənbərü övladi-Fəzlü bə’zi əhli-beyt Təvaf etdin, cəvanmərdanə qıldın ərz ehsani. Əlinin pəncəsin qıldın ziyarət kim, müqərrərdir, Yeni gördükdə məxdumin əl öpmək bəndəfərmani. Ziyayi-rif’ətindən sayə buldu, seyr vəqtində Gəhi Bəhluli-divanə, gəhi Mənsuri-həqqani. Həmişə xəsmini şahi-vilayət daşə döndərsin Nəçük kim, gördün etmiş mö’ciz ilən daş arslani. Məqami-mintəqə tövfin qılıb oldun kəmərbəstə, Öpüb övnü müin dərgahın etdin tazə imani. Cəvadü Kazimin əttari-Bağdad olduğun bildin, Üz urdun, tapdın ol əttardən hər dərdə dərmani. Təqiyyü Əskəriyyü Mehdiyə ənsar göndərdin Ki, alayişli kafər ləşkərindən saxlaya ani. Fərati-paktək Babil diyarına qədəm basdın, Bər övci-Zöhrə oldu səndən ol Haruti-zindani. Misali-məşhədi-Şəmsü məzari-Cümcümə bir-bir Təmaşasiylə gördün mö’cizati-Şahi-mərdani. Əqiyl ibni-Əbitalibdən istimdad edüb himmət, Təriqi-Kərbəlayə başladın əqranü ə’yani. Çü dəşti-Kərbəlayə ləşkəri-islami cəm’ etdin, Yəqin oldu ki, şahi-Kərbəlanın istənir qanı. Ədayi-taətü ərzi-niyaz etdin, bihəmdillah Ki, məqbul oldu Beytullahə İbrahim qurbani. Yetirdin niyyəti-pakilə bir-bir cəddü abayə Səlami-rövzeyi-pakizeyi-Şahi-Xorasani. Bu gün sərmənzili-məqsudə yetdin rahi-vəhdətdə, Rəfiq oldu sənə tövfiq, tapdın vəsli-canani. Nə canan, cani-mütləq, bəlkə candan əfzəlü əşrəf Ki, dərgahində eylər can nisarın insivü cani, Xudanın “İnnəma” qövlində xəlq içrə vəliəhdi, Rəsulin “ləhmükə ləhmi” səri-xanında mehmani. Gəhi-möhtacə vermiş Qənbəri tüğyan edib lütfi Gəhi arslandan almış müztərib halətdə Səlmani. Tüfeyli-gövhəri-zati-şərifi Adəmü aləm, Fədayi-cövhəri-cismi-lətifi bəhrivü kani. Əmirül-mö’minin Heydər Əliyyibni-Əbitalib Ki, Cibrili-əmindir xəlvəti-vəhdətdə dərbani. Nədir dünyavü üqba bi-rizayi-Mürtəza billah, Nə ol baqi gərək sidq əhlinə, mültəq, nə bu fani. Müdam ol kim, bu dərgahin qamu sadatü xüddamin Sərasər cəm’i-xatir qıldın ol cəm’i-pərişani. Məni-qafildən agah ol ki, bir kəmtər sənaxanəm, Gərək səntək sərəfrazın mənimtək bir sənaxani. Füzuli, bu hərəm içrə şəbü ruzü gəhü bigəh, Duayi-xeyr qıl sutanə, tərk et rəsmi-nisyani. Nə övradü dua kim, qıldı sultan asitanlarda, Qəbul olsun, budur dilşad edən yüz min müsəlmani. * * * Yenə dəşt sərsəbzdir, fəsl xürrəm Yenə dəşt sərsəbzdir, fəsl xürrəm, Cahan bitəkəllüf, təkəllüfdə aləm. Nəbatat əmvatinə vermiş ehya Həvayi-Xizrxislətü İsəvidəm. Məsihi-şükufə zuhurinə mütləq Səba ətseyi-Adəmü şax Məryəm. Bisati-bəsatinü bəsti-rəyahin Biri faricül-həm, biri kaşifül-qəm. Gül övraqi əşcardə eylə müzmər Ki, mə’niyi-nadir ibarətdə müdğəm. Güli-sürx suri-ərusi-Müqənnə, Dirəxti-şükufə nigari-müəmməm. Ənadil xətibinə gülbün mənabir, Şükufə sipəhinə gülzar müxəyyəm. Bu gün zülfi-əhli-məlahətdən özgə, Degil hiç kəs müztərib-halü dərhəm. Bu gün əbrü badi-bəharidən özgə, Degil kimsə sərgəştəvü didə pürnəm. Baharındır, aya, bu tə’sir bilməm Və ya dövləti-feyzi-xaqani-ə’zəm. Fələk mərtəbə, qütbi-xurşid seyri Ki, novruzi-ədlilədir mülk xürrəm. Misali-əsalətdə ismilə cari Əzəl ta əbəd hökmi-tuğravü xatəm. Hesabi-səxavətdə əmrilə mücra Gəda adına hasili-mə’dənü yəm. Əgərçi zəmanında mümkündür etmək, Gəda gənci-dinarü dirhəm fərahəm. Bulunmaz bu mə’murədə bir xərabə Dəfin olmağa gənci-dinarü dirhəm. Nəzər feyzi-ruhi sifatında aciz Xirəd cövhəri cism dərkində mülzəm. Kəmalət kəsbinə əqli-nəsr rə’yət Rüxi-məhvəşi rə’yəti fəthə pərçəm. İnan bər inan fəthü nüsrət rəfiqi, Nə sarı ki, qılsa əzimət müsəmməm. Səmiyyi-Xəlil əxtəri-bürci-hikmət Ki, rəxşinədir ğaşiyəkəş yüz ədhəm. Qəzatək zəmirinə izhar daim, Həm əf’ali-mütqən, həm ə’mali-mübrəm. Qədərtək vüqufinə inşa həmişə Həm əşkali-müğlət, həm əsrari-mübhəm. Hökumətşiara, vilayətpənaha Ki, cahi-hökumət sənədir müsəlləm. Əgər mahə mehri-rüxün salsa pərtöv, Məh olmaz dəxi mehrdən zərrəcə kəm. Əgər yetsə pərvanəyə hökmün, ey şəm’, Qılır mehr hazır şəbi-zaci-müzləm. Şərabi-məzaqında keyfiyyəti-şəhd, Mizaci-sinanında xasiyyəti-səm. Sənin paybusin təmənnası birlə, Qədimtək qədi-asiman müttəsil xəm. Zəmin paybusinlə bir qədr bulmuş Kim, ol qədrə qadir deyil asiman həm. Şəha, sənsən ol gövhəri-dürci-hikmət Ki, səndəndir əhbəttə hər dərdə bir əm. Nə dilriş kim zəxm tək açdı ağzın Sənə ərzi-hal etməyə, tapdı mərhəm. * * * Vəh nədir ol tairi-fərxəndəbalü tizpər Vəh nədir ol tairi-fərxəndəbalü tizpər Kim, olur bir türfə ayin ilə hər dəm cilvəgər? Ağzı açıq, çıxmaz avazı, ayağı yox, yürür, Can iləndir seyri, əmma demək olmaz canəvər. Bir dəmirdən daşlü divar ilə müstəhkəm həsar. Bir əsasi-qir ilən qaim, binayi-mö’təbər. Yengi aydır hey’əti, amma yeni aylar kimi Bədr olmaz, necə kim, göy üzrə sərgərdan gəzər. Adəti uçmaqdır, amma quşların əksi müdam, Uça bilməz müttəsil balü pəri olmasa tər. Gəh Zəkərya kimi çəkmiş çox cəfalər bıçqıdan, Gəh büti-Azər kimi olmuş giriftari-təbər. Boynu bağlı bir qara quldur həvası qaçmağa, Bulduğun alıb qaçar, saxlamasan şamü səhər. Bir mübəssirdir ki, daim dideyi-heyrət açıb, Asiman təhqiqi-əhvalinə salmışdır nəzər. Sayılır pəhlulərinin üstüxani zə’fdən, Böylə zə’f ilən ağır yüklər çəkər, eylər hünər. Yerdə gəzməz vəhştək, amma yürür ondan rəvan, Göydə üçmaz teyrtək, amma uçar ondan betər. Gər bükülmüşdür qədi, eyb eyləmən, bir pirdir, Nuh dövründən verər bir-bir, sual etsən, xəbər. Baş açıb yağmurlara, suya batırmış kisvətin, Yaş uşaqdır, lövhi sadə, hiç bilməz xeyrü şər. Canı yox, lakin rizayi-xəlq hasil qılmağa Gəh aşağa, gəh yuxaru yügürüb canlar çəkər. Divə bənzər, gəzdirər başda Süleyman təxtini, Yoxsa kandır, saxlanır köksündə qiymətli gühər? Yoxsa zövrəqdir, onu qılmış mürəkkəb seyr üçün Veys bəy həzrətləri, ol şəhriyari-namivər!.. Ey bəqayi-izzü cahin mövcibi-təmkini-mülk, Vey sənayi-lütfü qəhrin mənşəi-nəf’ü zərər. Xaki-payindən əgər bir zərrə tapsaydı sədəf, Bəsləməzdi irtifai-qədr üçün mütləq gühər. Öylə əmniyyətdir əyyamında kim, mün’imlərin, İşrət israfından özgə malına yoxdur xətər. Tişeyi-bənnayə derdi ərreyi-nəccar dün: Zülmümüzdən həm həcər asudə oldu, həm şəcər. Öylə kim ədlün zərər rəsmin götürdü mülkdən, Ehtiyat üçün gərəkməz kimsəyə divarü dər. Düşmənin məğlub olub daim zəfər bilməz nədir, Sən qaçan kim əfv qılsan ol sanur onu zəfər. Yol aparsaydı sənin ehsanına bir zərrəcə, Afitabın minnətin çəkməzdi nur üçün qəmər. Zövq üçün şövqün tapıb sərməst olan ariflərə Hacət olmaz cami-mey içmək, sənin şövqün yetər. Şami-bəzmin öylə rövşəndir ki, hər kim şəm’tək Tapsa onun zövqünü, qılmaz təmənnayi-səhər. Vəsfi-zatın həddən əfzundur, şəha, mə’zur tut Kim, qılır ibram xövfindən Füzuli müxtəsər. Var ümidim, ta bu dərya üzrə kəştiyi-hilal Gah gəşti-xavər eylər, gah seyri-baxtər. Baxtərdən xavərə olsun səlayi-sövlətin, Şöhrətindən olmasın xali fəzayi-bəhrü bər. * * * Bu sürahi məsələn bir sənəmi-rə’nadır Bu sürahi məsələn bir sənəmi-rə’nadır Ki, dəmadəm tərəbəngizü nişatəfzadır. Sərvtək qaməti-dilcu ilə üşşaqfirib, Şəm’tək pərtövi-rüxsar ilə bəzmaradır. Gülbüni-baği-tərəb, qönçeyi-gülzari-fərəh, Gül kim ondan açılır, cami-meyi-səhbadır. Rəngi-zərdü meyi-sürxün görən eylər heyrət Ki, xəzan içrə əcəb bu nə güli-həmradır. Gah həmsilsileyi-aşiqi-xunindil olub, Boynu zənciri-cünün qeydi çəkən şeydadır. Gah yüz aşiqi-şeydayı qılıb məstü xərab, Eyləməz hiç tərəhhüm, işi istiğnadır. Bəzm üçün hər tərəfin türfə igidlər dutmuş, Sanasan xəl’əti-zərbəft ilə bir mirzadır. Batini-safilə bir sufiyə bənzər ki, müdam Səcdəsində əsəri-sidqü səfa peydadır. Kəhrübayi don ilən bir büti-sərkəşdir kim, Cilveyi-naz ilə şəh məclisinə ziybadır. Ol şəhənşah ki, feyzindən umar kam müdam, Bəzmi-vəhdətdə əgər Xizrü, əgər İsadır. Çakəri-çakəri fəğfur ilə xaqan oluban, Bəndeyi-bəndəsi İskəndər ilə Daradır. Cəmü Cəmşid degil bəzmdə həmtası onun, Sərvəri-bibədəlü xosrovi-bihəmtadır. Xani-adil həm onun pərtövi-iqbalından Bir əsər tapdı ki, sahibnəzərü binadır. Nəş’eyi-zövq bulan cami-rizasından kam, Bəzmi-eşqində qamu ömr qədəhpeymadır. Ey Füzuli, dünü gün eylə dua sidq ilə kim, Ola bu dövlətü iqbal ilə ta dünyadır. * * * Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələm Məgər qılır rəqəmi-vəsfi-xətti-yar qələm Ki, xətti-yar kimi oldu mişkbar qələm. Məgər dilər sifəti-lə’li-yar edə təhrir Ki, lə’li-yar kimidir gühərnisar qələm. Əgər cəfa çəkə surətnigardən yüz il, Demən çəkə sifəti-surəti-nigar qələm. Yazanda mimü əlif ol qədü dəhanə şəbih, Kəmali-sehrinə çox qıldı iftixar qələm. Vəli xüramü təkəllüm verirdə aciz olub, Xətinə çəkdi xətü oldu şərmsar qələm. Nə yerdə kim yügürər nafə-nafə mişk tökər, Tutubdurur rəvişi-ahuyi-tatar qələm. Xücəstə Xizrdir abi-həyat içmək üçün, Zəman-zəman zülümatə qılır güzar qələm. Nə içdi məhbərədən bilməzəm ki, valeh olub Özünə eylədi sərgəştəlik şiar qələm. Qara başın götürüb daim eldən-elə gəzər, Tutarlar isə, dəxi eyləməz qərar qələm. Bir öz başına ulalmış, qərarı yox, dəlidir, Çıxınca dutmasalar, aləmi yıxar qələm. Siyah bəxtlügi yazmış alnına təqdir, Nola keçirsə qara gündə ruzigar qələm. Dililə müttəsil öz başına bəla gətirər Ki, xəlqə gizli sözü eylər aşikar qələm. Ticarət əhlinə bənzər, müsafirət yoluna Xütuti-sətrlərindən çəkər qətar qələm. Qaradürür üzü ol vəchdən kim, eylər faş Özüylə yarı arasında hər nə var, qələm. Şikəstə namələri yə’ni əhli-hüsnə satar Mətai-məmləkəti-hindü Zəngibar qələm. Öpər səhifə yüzün vəh görün bu talei kim, Bulur vüsali-nigari-səmən’üzar qələm. Midad türrəsinə üz sürər, zəhi dövlət, Dutar həmişə səri-zülfi-tabidar qələm. Onunçün əldən-ələ gəzdirir əkabir kim, Tapubdur Asəfi-dövrandan e’tibar qələm. Güli-hədiqeyi-iqbal Mustafa Çələbi Kim, oldu dövləti-qürbüylə kamikar qələm. Səmiyyi-Əhmədi-Mürsəl ki, qıldı ona tüfeyl Dəmi ki, lövh ilə yaratdı kirdigar qələm. Nəsimi-xülqünün övsafin etməgə təhrir, Çəmən əlinə verir səbzə hər bəhar qələm. Əya bülənd cənabi ki, midhətində olur Həmişə mö’tərifi-əczü inkisar qələm. Riyazi-qədrdə fəzlin nihali-rif’ətdir, Nihali-fəzlinə bir türfə şaxisar qələm. Nihali-dövlətə qədrin riyazi-hikmətdir, Riyazi-qədrinə bir türfə cuyibar qələm. Əlinə almaz imiş Müstəfa qələm, derlər, Bu zillət ilə bəsi olmuşuydu xar qələm. Sənə yetirdi özün nisbətilə tapmaq içün Zəmanədə sənin adınla e’tibar qələm. Kəlimi-Turi-vəfasən ki, əhli-xeyrü şərə Əlində gah əsa oldu, gah mar qələm. Buraxdı canını darüş-şəfayi-dərgəhinə Hücumi-hadisədən xəstəvü nizar qələm. Əlindən içdigi şəhdi-şəfayi-hikmətdən Mizaci-nazikinə oldı sazigar qələm. Bəsi əzizlərin xidmətinə bağladı bel, Qamunu tərkü səni qıldı ixtiyar qələm. Səbati-əhdini əyyamdən qılıb mə’lum, Səninlə eylədi əhdini üstüvar qələm. Arayıb əhli-hünər varını yetincə sənə, Cahan içində bəsi çəkdi intizar qələm. Verib nizami-cahan Asəfü Nizamül-mülk Gedib, cahanda sənə qaldı yadigar qələm. Sənin mütiin əgər olmasaydı, olmaz idi Səvadi-ə’zəmi-xətt içrə şəhriyar qələm. Alınmış ağçanilən bir qulundurur müqbil, Başın əgər kəsələr eyləməz fərar qələm. Sözün yeritməgə başdan ayaq edib yügürər, Kəmali-şəfqətinədir ümidivar qələm. Sipehr mənziləta, ol Füzuliyi-zarəm Ki, hali-zarimi yazınca oldu zar qələm. Sənayi-zatinə çoxdur sözüm, vəli nə deyim Ki, süstlük qılıban verdi ixtisar qələm. Dedi saqın, sözü çox etmə, saxla şərti-ədəb Ki, çox sözündən olubdur siyahkar qələm. Ümid var ki, nəzmi-nizami-aləm üçün Fələkdə ta ola lövh ilə payidar qələm, Sən olasan qələmə e’tibar üçün hami, Sənə hökumət üçün ola dəstiyar qələm. * * * Bağ lövhinə xəzan bərgi zərəfşan eylər Bağ lövhinə xəzan bərgi zərəfşan eylər, Ab ol lövhdə məşqi-xəti-reyhan eylər. Ey könül, gəldi bahar, eylə çəmən seyranın, Gör ki, hala nə əməl amili-dövran eylər. Yenə piri-fələk ətfali-rəyahini yığıb, Feyzi-tə’lim ilə bustanı dəbistan eylər. Su ayağını kəsib bihudə gəzməklərdən, Səbzəyi həmsəbəqi-dərsi-gülüstan eylər. Qönçəyi mətni-mətaledə edib üqdəgüşa, Laləni şərhi-təvaledə səbəqxan eylər. Sünbüli elmi-ilahidə qılıb muyşikaf, Susəni bəhsi-riyazidə süxəndan eylər. Dərsi-məntiq oxur ikən dililən mürği-səhər Dutulub, oxuduğu gülləri xəndan eylər. Bülbülü hər neçə kim hafizi-xoşləhceyi-ab Ögrədib hüsni-əda, qare’i-Qur’an eylər, Gör nəzakət ki, gəlib sübh sühüfxani ona Eybi-təqrir qılıb tə’neyi-əlhan eylər, Fəsl keyfiyyəti-qanuni-tib etmiş hasil, Bəhsi-təşxisi-mərəz, də’viyi-dərman eylər. Şərbəti-badə ilən çox sınadım, xəstələrə Eylər onu ki, nə Boqratü nə Loğman eylər. Bilməzəm sehrmi, mö’cüzmü nəsimin işi kim, Hərəkati xirədi-xiyrəni heyran eylər. Hər mizacə ki, dilər öylə qılırmədxəl kim, Onu idrak nə ərvahü nə əbdan eylər. Həbbəza dəhr ki, peyvəstə səhabi-feyzin Baisi-tərbiyəti-bağü biyaban eylər. Qönçənin görsə açar rişteyi-təb’ində gireh, Bülbülün bilsə işin, müşkülün asan eylər. İntizar ilə daşı lə’l qılub rəng verür, Ruzigar ilə suyu lö’löi-qəltan eylər. Qətrəyi müddət ilən müttəsili-bəhr qılır, Zərrəyi vasili-xurşidi-dirəxşan eylər. Leyk qayətdə təəccüb qılıram ki, nə üçün Məni-məhrümi həmin xəsteyi-hirman eylər. Qeyrə ehsani çoxü lütfi yüküş, leyk mənə Sitəmi vafirü bidadi firavan eylər. Kaş bağrımı qəza su edə göz yaşı üçün Çeşmətək, durmuyuban çün məni giryan eylər. Kaş cismimi fələk daş edə, bidadə dözəm, Mə’dəni-lə’l kimi çün cigərim qan eylər. Yer yüzündün götürülməkdə gümanım dəxi yox, Belə kim, tən çürüyüb, göz yaşı tüğyan eylər. Bixəbərlər biləməz əşki-rəvanım əsərin, Gərçi tənbihinə dil naləvü əfqan eylər. Əhli-tüğyanə əsər eyləyəməz giryeyi-Nuh, Gərçi hərdəm oları vaqifi-tufan eylər. Ey fələk, bu nə rəvadır ki, sipahi-sitəmin Dili-mə’murimi yəğma ilə viran eylər. Bir deməzsənmi ki, nagəh sitəmindən bu fəqir Qaziyi-əskərə şərhi-qəmi-pünhan eylər. Ol qəzahökm ki, çərx etsə xilafi-rəhi-şər’ Qıldığından onu zəcr ilə peşiman eylər. Ol qədər namə ki, muri-xətinin məzmuni Nəyə kim zahir olur, hökmi-Süleyman eylər. Ərştəmkinü fələkmərtəbə Qadir Çələbi Ki, fələk tabe’idir hər nəyə fərman eylər. Çərx bir tiğ çəkibdir yeni aydan ki, müdam Kimi gördüysə müxalif, ona qurban eylər. Min ilin bərhəmənin möv’izeyi-mə’rifəti Qabili-din qılır, qaili-iyman eylər. Ərzi-iyman bütə gər qılsa dəmi-canbəxşi, Can verib mö’ciz ilən ani müsəlman eylər. Ləfzi-canpərvər ilən rəşheyi-kilki hünərin Nə dəmi-İsivü nə çeşmeyi-heyvan eylər. Ey vərə’pişə ki, daim qədəmi-sabitini Rəsmi-islamə qəza qaimi-ərkan eylər. Rayizi-tündrəvü təb’i-lətifin dünü gün Tövsəni-fikrətilən çərxdə cövlan eylər. Meyl edər xidmətinə dövləti-tövfiq tapıb Kim ki, həqdən tələbi-rütbeyi-irfan eylər. Sən məqam etmədigin mə’bədə abidərdən Kim ki, mə’vayi-məlayik desə, böhtan eylər. Salmasa səbhə özün daireyi-məclisinə, Rişteyi-əqdin üzüb çərx pərişan eylər. Sənə gər durmasa bir ləhzə müqabil mehrab, Başını daşə urub çaki-giriban eylər. Səndən ayrılsa, müsəllayi ayaqlarə salub Zə’fi-tale qara topraq ilə yeksan eylər. Hər siyəhdil ki, qomaz baş xətinə xaməsifət, Qara cahildir əgər də’viyi-irfan eylər. Gərçi sultanədir islam qiyami mənsub, Sənə mənsubdur ol sə’y ki, sultan eylər. Sərvəra, bəndə Füzulini kəmanqəd gərdun Müttəsil dərdü bəla oxuna qalxan eylər. Eşidib tə’neyi-dəmsərdləri hər dəm kim, Şəm’tək şərhi-qəmi-külbeyi-əhzan eylər, Öylə kim, fəhm edübəm hali-dilin sənsənü bəs Sən əgər qılmaz isən, ona kim ehsan eylər? * * * Nə müşkül olsa qılır çərx ruzigarilə həl Nə müşkül olsa qılır çərx ruzigarilə həl Mürurilə açılır tabi-tari-tuli-əməl. Könül muradını tədric ilə bulur hasil, Təhəmmül olsa yetər daməni-mətalibə əl. Nizami-aləm üçün əskik olmaz əhli-səlah, Qomaz ümurini aləm muəttəlü müxtəl. Fərasət əhli kəm olmaz səlahi-millət üçün Bu nəzm silsiləsi eyləməz qəbuli-xiləl. Cəhani çərx müdəbbirdən eyləməz xali, Degil məsalihi-müstə’məli-cahan möhməl. Nə lütfdür yenə kim, xütteyi-İraqi-ərəb Kəmali-mə’rifəti-Kirdikarə oldu məhəl, Nişani-rövnəqi-Bağdaddır bu kim, qılmış Zühuri-lütfi-mücəddəd Xudayi-izzə və cəl. Müsəvvər eylədi nəqşi-sə’adəti-əbədi, Bisati-büq’eyi-Bağdadə nəqşbəndi-əzəl. Münəvvər eylədi ədliylə övliya bürcün, Hümayi-övci-hünər, qütbi-ə’dəlü əkməl. Müini-şər’i-şərifi-nəbi Məhəmməd bəg Ki, zikridir səbəbi-zikri-Əhmədi-Mürsəl. Zəhi büləndməqami ki, payeyi-qədri Ülüvvi-tarəmi-ə’layi göstərir əsfəl. Səməndi-qədri əgər salsa mixi-zərrinnə’l, Olur cəvahiri-əklili-Müştərivü Zühəl Nə mülkə kim, əsəri-iltifati-salsa şərəf, Olur xəzanı bahara, qəmi nişata bədəl. Vücudi-bibədəli afitabdur, əmma Bir afitab ki, daim mədari ola Həməl. Büləndqədr şəha, sənsən ol sə’adətmənd Ki, şə’ni-qədrinədir ayəti-vəfa münzəl. Təfəhhüs eyləsələr hüsni-afiyət əhlin, Cəmii-xatirə sənsən xütur edən əvvəl. Müyəssər olsa təriqi-itaətin xəlqə, Məmalik içrə olur rəf’ ixtilafi-miləl. Əhatə qılsa cəmii-ümurə tədbirin, Hüdudi-mülkdə mərfu olur rüsumi-cədəl. Müvafiqə şərəfi-təl’ətin mümiddi-həyat, Müxalifə əsəri-məqdəmin hüzuri-əcəl. Degil zəmanədə məxfi dəbiri-rə’yindən Hesabi-dəftəri-daniş, müfəssəlü mücməl. Həkimi-mə’rifətin sülhə mültəfit olalı Pozuldu mə’rəkeyi-fitnəvü büsati-hiyəl. Saraldı şəhdi-kəlamindən əhli-məkr yüzü, Məzidi-illəti-səfra olur şəfayi-əsəl. Gedirdi hiddəti-qəhrin fəsad tüğyanın, Qılır məzərrəti-bəlğəm izaləsin hənzəl. Şəha, Füziliyi-bidil duayi-dövlətini Bilibdir əhsəni-ə’mali-xeyrü hüsni-əməl. Həmişə cahü cəlal ilə müstədam ol kim, Mədari-əmnü əmansan, nizami-dinü düvəl. * * * Nə lütfdür yenə kim, buldu səbzədən gülzar? Nə lütfdür yenə kim, buldu səbzədən gülzar? Nə feyzdir yenə kim, saldı bağa badi-bahar? Müzəyyən oldu xəti-səbzə ilə ruyi-zəmin, Lətafəti-xəti-səbz ilə öylə kim, rüxi-yar. Hicabi-qeybdə hər feyzi-Həq ki, məxfi idi, Cəhanə eylədi lütfi-nəsimi gül izhar. Səfayi-aləm üçün şahidi-inayəti-Həq Riyazi-dəhrdə ərz eylədi güli-rüxsar. Səhifeyi-çəmənə yazdı xameyi-səbzə, Xəti-dəlayili-isbati-İyzədi-cəbbar. Məzahiri-əsəri-rəhmət etdi hər tərəfi Kəmali-qüdrəti-Həq fənzuru üluc-əbsar. Görünsə xəlq rizasi zəmanədən, nə əcəb, Zəmanə surəti-iqbalə oldu ayinədar. Sipehr minnəti altında olsa dəhr nola, Götürdü ayineyi-dəhrdən sipehr qübar. Çiraği-bərğ qılıb şəm’i-laləyi rövşən, Sədayi-rə’d qılıb çeşmi-nərgisi bidar. Tutuşdu heyrət ilə sineyi-zəvil-əfham, Açıldı ibrət ilə dideyi-ülul-əbsar. Dimağı etdi müəttər həvayi-ğaliyəbuy, Həvayi qıldı müənbər səhabi-gövhərbar. Zəmirə zövq verib müjdeyi-təvəccöhi-gül, Cahana saldı səfa məqdəmi-nəsimi-bəhar. Onun kimi ki, bu iqlimə yümni-məqdəm ilə Buraxdı zövqü səfa sərvəri-sipehrvüqar. Güli-hədiqeyi-iqbalü sərvi-baği-hünər, Məhi-sipehri-ədəb, şəhriyari-lütf-şiar. Mühiti-mərkəzi-dövlət Əyas paşa kim, Mədari-mülkədir iqbali nüqteyi-pərgar. Sipehrmənziləti kim, buraxsa xakə nəzər, Qılır xəvas ilə xaki zəri-təmaməyar. Mühithövsələyi kim, gər etsə qətrəyə meyl Təvəccöh ilə qılır qətrəyi düri-şəhvar. Sədaqətində səbati-səadətü iqbal, Siyasətində səvabi-mühacirü ənsar. Səlah əhlinə helmilə valiyi-müşfiq, Fəsad dəf’inə ədlilə hakimi-qəhhar. Vücüdi-kamilinə padşahi-aləmdən Sirayət eyləmiş asari-səltənət nə ki var. Cəhanfüruzi görən ol məhi-təmami bilir Ki, afitabi-cahantabdəndir ol ənvar. Əya buludnəzər afitabi-övci-hünər Ki, rəsmdir sənə hüsni-xəsailü ətvar, Kəmali-mə’dələti verdi istiqaməti-mülk, Təbibi-haziqə san kim, irişdi bir bimar. Münəvvər eylədi iqbalın övliya bürcin, Livayi-ədlin olub övliyayə şəm’i-məzar. Rəvacbəxşi-təriqi-İmami-Ə’zəm olub, Binayi-şər’ ilə verdin ümuri-mülkə qərar. Çiraği-təl’ət ilə Kərbəlayə saldın nur, Ol asitanədə qıldın düri-niyaz nisar. Təmamiyi-üməradən sənə müsəlləmdir Riayəti-nəsəbü şər’i-Əhmədi-Muxtar. Yetər bu əcr sənə ol zaman ki, ərz olunur Cəza üçün Həqə bir-bir səadəti-əbrar. Xilafi-qeyr nəsib oldu heyni-hökm sənə Ziyarəti-hərəmi-paki-Heydəri-Kərrar. Kim, ol xəlifeyi-rabe’dürü münasibdir Sənə kim, hakimi-rabe’sən ona qürbi-civar. Şəha, səadəti-iqbalınadır əhli-dua, Cəmii-əhli-cahan, kəmtərin Füzuliyi-zar. * * * Yenə qıldı səba gülzarə də’vət bülbüli-zari Yenə qıldı səba gülzarə də’vət bülbüli-zari, Yenə qümri məqam etdi fəzayi-səhni-gülzari. Yenə düşdü həvadən səbzəzarə qətreyi-şəbnəm, Yenə gülzarə saldı zilli-rəhmət əbri-azari. Yenə divaneyi-eşq eylədi darüşşəfa meylin, Yenə gülzarə çıxdı guşeyi-möhnət giriftari. Yerindən dəprədən mən mübtəlayi şövqi-qalibdir, Havadır gəzdirən yerdən-yerə səbri-giranbari. Bu işrətgahın itmamında bir daş olmasa əskik, Məni yerdən-yerə nəql eyləməzdi dəhr me’mari. Qədi-xəm birlə təhrikim yerimdən məhzi-hikmətdir, Qəza surətgəri bihudə gəzdirməz bu pərgari. Məkan təğyiri sihhət mövcibidir, nola nəql etsə Təbibi-hikməti-Həq mülkdən mülkə bu bimari. Mənə mən olduğum mənzildə rahət rəhm edib gəlməz, Düşüb zəhmətlərə naçar mən oldum tələbkari. Həvayi-seyr qıldım irtifai-qədr üçün, zira Yerində hər mətain pəst olur əlbəttə miqdari. Rəvaci-eşq vermək qəsdinə çıxdım diyarımdan, Hünər zaye’dir ol kişvərdə kim, yoxdur xəridari. Məhəbbət qılmağa izhar, qürbət ixtiyar etdim, Na çarə, yox bu cinsin olduğum yerlərdə bazari. Mübarəkdir səvadi-dudi-ahim qanda əzm etsəm, Yaman olmaz səhabın gəzdiyi yerlərdə asari. Mükərrəmdir sirişkim qanda yer dutsam, bu yüzdən kim, Baharəngiz olur hər qanda kim, seylab olur cari. Yenə ey bülbüli-biçarə, əyyami-bəhar oldu, İrişdi vəqt kim, bəxt ola əhli-dərd qəm xari. Gülə gül, açıla nərgis lətafət busitanində, Qopa seylabi-zövq ilə sitəm xaşaki, qəm xari. Sənə ola müyəssər xəlvəti-vəhdətdə gül vəsli, Nəsib ola mənə paşayi-gülrüxsar didari. Zəhi paşayi-mülkarayi-dövlətməndü rövşəndil Ki, məqbuli-cəmii-xəlqdir məcmui-ətvari. Süluki-dilkəşi təyyi-təriqi-istiqamətdə Müxalif dövrdən qılmış peşiman çərxi-qəddari. Həqiqətdə İlahin əkbəri-ayati-təqdiri, Şəriətdə Rəsulin ə’zəmi-ə’vanü ənsari. Zəmanında zəmanə zülmü yox, insafi var etmiş, Ona mənsubdur zülm ilə insafın yoxu, vari. Fərağət xabgahin bəkləyib bimi-həvadisdən, Olubdur pasibani-mülki millət bəxti-bidari. Bəhari-gülşəni-dövlət, Əyasi-pakdamən kim, Vücudi hər xələldən pakdır, hər eybdən ari. Zəhi şəm’i-şəbistani-səxavü lütf kim, olmuş Qamu əhbabəvü ə’dayə rövşən nürivü nari. Şəha, şəfqətşüara, sənsən ol pakizəsiyrət kim, Sənə hacət degil ehsan üçün dərdi-dil izhari. Vücudi-bimisalin dövləti-islamə nüsrətdir, Mücərrəd seyti-rəzmin eyləmiş məğlub küffari. Fəridi-əsrsən, əmma gəzər hər qəlbdə mehrin, Günəş birdir, vəli məqsumdur hər yerdə ənvari. Fələkdir öylə məhkumun ki, xurşidi qılır hazir, Əgər yarı gecə bəzmində lazim olsa izhari. Rəvandır öylə fərmanın ki, gər seylabə hökm etsə, Xilafi-təb’i-əsfəldən olur ə’layə rəfkari. Əgər qılsan inayət vər ihanət ixtiyar etsən, Qılır təbdilə qabil lütfü qəhrin murivü mari. Zamanın cümleyi-övqatını sübh eyləmiş guya, Çirağilə bulunmaz zülm dövrinin şəbi-tari. Kəmali-hüsni-əxlaqın bəyan eylər açıldıqca, Səmən məcmuəsi, nəsrin kitabı, qönçə tumari. Səfayi-təb’inə mümkün olurdu eyləmək nisbət, Bəhar ayinəsində olmasaydı səbzə jəngari. Təsəvvür eyləmək olmaz sənə manənd bir kamil, Həmana səndə xətm olmuş kəmali-qüdrəti-bari. Səba vəsfi-rüxün qıldıqda, gül vəsfini söylərkən Tutuldu qönçə nitqi, bülbülün həsr oldu göftari. Səbati-ədl üçün rövnəq buraxdın mülki-Bağdadə, Bəqayi-gənc üçün, ey Xizr, yapdın köhnə divari. Bü gün Bağdadda bir kimsə yox kim ona rə’fət yox, Cəmii-mərdümi-Bağdada olmuş rif’ətin sari. Dutulmuşdu dilim möhnət görüb, hüsni-təkəllümdən, Gətirdi yadıma zövqi-sifatın şövqi-əş’ari. Məni əndişeyi-hirman təriqi-küfrə salmışdı, Ümidi-lütfü ehsanın belimdən açdı zünnari. Məmalikpərvəra, yox səndən özgə bir müdəbbir kim, Dəmadəm mətrəhi-lütf edə üşşaqi-diləfgari. Füzuli bülbüli-gülzari-hüsni-iltifatindir, Bəhar oldu, yenə göftarə təhrik etdi minqari. Dilər təfsil ilə hali-dilin şərh eyləyə, əmma Nə şərh etsin, sənə mə’lumdur məcmu’i-ətvari. Qalıbdır guşeyi-üzlətdə, sormaz hiç kim halin, Nə ola bir fəqirin hali kim, olmaya bir yari. Cəfasın hiç bidil çəkməz ondan qeyri əğyarın, Onunçün qaliba xəlq eyləmişdir Tanrı əğyari. Ümidim var kim, rəsmi-müqərrər üzrə olduqca Müzəyyən şam zülfiylə ərusi-sübh rüxsari, Sənə mənsub ola xəlvətsərayi-dəhr təzyini, Səninlə çizginə işrətgəhi-iqbal pərgari. * * * Zülməti-heyrətdə zikrindir mənə virdi-zəban Zülməti-heyrətdə zikrindir mənə virdi-zəban, Tutiyəm guya, yemim şəkkər, yerim Hindustan. İxtilati-xəlqdən çəkdim təəllüq damənin, Qafi-üzlətdə mənə simurğnisbət aşiyan. Cifeyi-dünyayə çox meyl etməzsəm kərkəs kimi, Bir hümatəb’əm, qida bəsdir mənə bir üstüxan. Yüz fəsahət tutiyi-təb’imdə müzmərdir, vəli Kim dutar ayinə kim, izhar edəm razi-nihan. Sakinəm bir yerdə kim, yox e’tibarım zərrəcə, Rövşəni-rə’yi-visali-himmətim xurşidsan. Qəsri-qədrü rişteyi-dərkim rəfi’ olmaq nə sud? Çün müsavidir bu qövmə asimanü risiman. Şahbazi-himmətim hər seydə qılmaz iltifat, Şəhriyari-rif’ətim hər məsnədi qılmaz məkan. Aləmi-surətdə gər yoxdur şükuhü şövkətim, Aləmi-mə’nidə yox bir mən kimi sahibqiran. Məsnədarayi-səriri-dövləti baqi mənəm Kim, sözüm zimnində hər iqlimə hökmümdür rəvan. Dövləti-dünya içün çəkmən səlatin minnətin, Fəqr sultanı mənəm kim, dövlətimdir cavidan. Bitərəddüd tutmuşam bəhri-təəllüqdən kənar, Bitəkəllüf bulmuşam bihudə qovğadən aman. Sərbüləndü sərkəşəm ərbabi-ücbü kibrə, leyk Mə’rifət əhlinə gərdi-rahü xaki-asitan. Bəndəyəm ol mahi-övci-rif’ətü iqbalə kim, Görməmişdir bir ona manənd dövri-asiman. Müqtədayi-əhli-daniş hamiyi-ərbabi-fəzl, Karfərmayi-zəmiri-pakü təb’i-xürdədan. Nəzmbəxşi-mülk Cə’fər bəg rövşənrə’y kim, Feyzi-fitridir ona cahü cəlalü izzü şan. Təb’i-gərdun tui-fərmanına etmiş iftixar, Rəxşi-dövran rayizi-rə’yinə tapşırmış inan. Diqqəti-əfkari ol qayətdə kim, fikr eyləsə, Hikməti-əşyadə dutmaz daməni-elmin güman. Müdriki-övsafi rə’yi-saibü təb’i-səlim, Tabe’i-fərmani əqli-pirü bəxti-növcəvan. Səfvəti-ixlasi ol miqdar kim, qəhr eyləsə, Xatiri-bədxahə qəhrindən xütur etməz ziyan. Ey şükufi-rif’ətin pirayeyi-gülzari-dəhr, Vey nizami-rə’fətin arayişi-mülki-cəhan! Bimi-qəhrin xanümani-xəsmə bərqi-xanəsuz, Lütfi-təb’in laləzari-mülkə əbri-dürfəşan. Sərvəra, sən çeşmeyi-ehsanü bəhri-lütfsən, Təşneyi-şəhdi-vüsalındır Füzuli natəvan. Ol zamandan kim, məni əxlaqın etmiş mö’təqid, Həq bilir, virdim düayi-dövlətindir hər zaman. Var ümidim ta mədari-ədldir aləmpənah, Var ümidim ta livayi-fəthdir kişvərsitan, Olasan iqbalü izzü rif’ətü iclal ilə Kamigirü kamiyabü kamikarü kamiran. * * * Səfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yar Səfheyi-çöhreyi-al üzrə səvadi-xəti-yar, Dili-pürxünimin ayinəsinə saldı qübar. Ey üzarü xətinə ənbərü kafur qulam, Dəmdədəm səfheyi-kafurə xətin ənbərbar. Xəti-səbz ilə füzun oldu lətafət rüxinə, Kim görübdür verə ayinəyə rövnəq jəngar? Səfi-üşşaq hücum etdi məgər kim, hüsnün Lə’l gəncinəsinə qaliyədən çəkdi həsar. Min bəla oxuna sancıldı rüxün əksindən, Olalı sadə könül arizinə ayinədar. Açdı könlüm çiçəgin zövqi-xəti-rüxsarin, Dünü gün oldu bərabər, nə əcəb olsa bəhar. Xət degil zahir olan, ahuyi-Çindir, çeşmin Hər tərəf cünbüşə gəldikcə qılır mişk nisar. Ey büti-səngdilü siymtənü mişkinxal, Vey məhi-sərvqədü səbzxətü laləüzar! Könlüm aldun ki, bəhasın verəsən nəqdi-vəfa, Etmədin əhdə vəfa, qövlinə qıldın inkar. Nə rəva olmaya asari-mürüvvət səndə, Sən təğafül qılasan, mən olam aşüftəvü zar. Dutalım kim, sənə sultan, mənə çakər derlər, İttisal eylə mənimlə və gər eylərsən ar, Kərəm et, könlümü ver, qeyr ilə bazar edərəm, Sən sənə, mən mənə, azar ilə olmaz bazar. Billah, incitmə məni, yoxsa şikayət qıluram, Necə mən səbr edəyim, qalmadı canımda qərar. Lilləhil-həmd degül mülk ühi hakimdən, Şər’ icrasına Bağdadda bir hakim var. Vazehi-mə’dələtü rə’fətü insafü ədəb Sahibi-mərhəmətü şəfqətü təmkinü vüqar. Ol zəkitəb’ ki, təhqiqi-sifatında onun, Tələbi-mə’rifət əfgari edibdir əfkar. Zati gövhər sədəfi-hikmətə, leykin yekta, Təb’i kövkəb fələki-diqqətə, əmma səyyar. Dərkinə qismi-bədihidə təsəvvür məhsür, Elminə hacibi-əsrar vüqui-izhar. Bəzmi ərbabi-təmənnayə məqami-məqsəd, Kilki əhli-həqə miftahi-künuzi-əsrar. Elm-minhacinə ətvari üsuli-tövzih, Feyz misbahinə asari süluki-ənvar. Füqəha firqəsinə surəti-fe’li fitva, Cümlədən cümləyə ol sədri-şəriət muxtar. Ey vücudin səbəbi təqviyəti-şər’i-şərif, Bünyeyi-milləti-Zəhrayə sədadin me’mar, Xidmətin olmasa məqsud nə mümkün ki, verə Nəzmi-əsnafi-səlasə əsəri-həftü çəhar. Nöqteyi-dairə gər olmasa zatin, nə əcəb Olsa nöh daireyi-çərxə məəttəl pərgar. Xidməti-bəzminə mə’mur məlayik səf-səf, Zahirən surəti-insanə girib leylü nəhar. Mahsimalər ilə ərseyi-bəzmin gərdun, Sərvi-balalər ilə xaki-hərimin gülzar. Sərvəra, cərri-əməl acilü acil Həqdən Cənnət olmuş sənə bu mə’niyə şahid asar. Nola gördükcə səni olsa Füzuli guya, Sən bir ayinəsən, ol tutiyi-şiringöftar. Var ümidim necə kim, karigəhi-hikmətdən Xakü əflakə müqəddər ola məks ilə mədar. Seyri-əflak ola xak üzrə sənin rə’yinlə, Kəməri-xidmətini edə dəvayir əqtar. * * * Səvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdir Səvadi-büq’eyi-Bağdad çeşmi-həft kişvərdir, Çiraği-mərdümi nuri-ədalətdən münəvvərdir. Qamu ətrafına abi-həyati-ədldir cari, Cəmii-əhlinə tövfiqi-cəmi’iyyət müyəssərdir. Süruri müttəsil, zövqi dəmadəm, ne’məti bihəd, Fəzasi afiyətəfza, həvasi ruhpərvərdir. Sürür əhlinə zənciri-təəllüq hey’ət əczasi, Səri-afaqə baruyi-həsari-hisni əfsərdir. Binayi-büq’eyi-məqbuli əhli-xeyrə mənzilgəh, Bəsiti-xaki-paki övliyaül-lahə bəstərdir. Rəvadır övliya bürci demək ol büq’əyi-pakə Ki, hər əllaməyə mənzilgəhü hər elmə məzhərdir. Əfazil büq’ə-buqə’ə xaki-pakin mənzil etmişlər, Nəzər qıl səfhə-səfhə lövhinə, gör kim, nə dəftərdir. Səvadi-afəriniş nüsxəsindən bir vərəqdir kim, Qəvanini-ədalət onda mərqumü mühərrərdir. Nola Fərhadvəş üşşaqi olsa cümlə xosrovlar, Mübarək səfhəsində surəti-Şirin müsəvvərdir. Kitabi-kainatə sərsəri-fitnə güzər qılmış, Haman bu səhfə qalmış baqi övraqini əbtərdir. Məkarihdən həzər, iqbalə rəğbət qılmağa daim, Mələklər hər tərəfdən qasidi, sanman kəbutərdir. Zülali-mə’dələt sərçeşməsi olsa, əcəb olmaz, Hərimi-barigahi-rif’əti saqiyyi-kövsərdir. Bu mülkün şahidi-tövfiqi-iqbali budur hala Ki, paşayi-səadətmənd əhli-mülkə sərvərdir. Zəhi sərdari-saibrə’y, sahibədl, dəryadil Ki, şə’nü şövkəti ə’dayə mənsurü müzəffərdir. Degil həddi-bəşər hüsni-əfafü lütfi-əf’ali, Məlayik firqəsindən bir əcəb zati-mütəhhərdir. Münəzzəhdir qubari-zülmdən mir’ati-idraki, Təaləllah, nə xoş pakizətəb’ü pakcövhərdir. Zəmiri-biməlali əsvəbi-əfkarə cövlangəh, Vücudi-bimisali əhsəni-əf’alə məzhərdir. Səbati-mülkinə bürhan yetər kefiyyəti-ədli, Ədalət qanda olsa müstədam olmaq müqərrərdir. Əmiri-ə’dəlü əkrəm Əyasi-paktiynət kim, Zülali-ədl birlə tiynəti-paki müxəmmərdir. Şəha, sən məsnədarayi-səriri-izzü rif’ətsən, Tərazi-e’tibarin səfheyi-dövranə ziyvərdir. Cəmali-ənvərindir asimani-mə’dələt mahi Və ya ol mah kim, xurşidi-rəxşanə bərabərdir. Pənahi-mülkü millətsən, sədadi-hüsni-tədbirin Ədu Yə’cucinin dəf’inə bir səddi-Sekəndərdir. Sənə tabe olan çəkməz məlalü möhnəti-aləm, Nə qəm zülmət vəhmindən ona kim, Xizr rəhbərdir. Verir can tiği-xünrizin xəyalilə ədu, guya Xəyali-tiği-xunrizin əcəl mürğinə şəhpərdir. Pəyami-şövkətin yetdikcə ə’dayi zəbun eylər, Əzayimxanə div əlbəttə məhkumü müsəxxərdir. Sənin tiğindən istər bir cila kəsb eyləyə hala, Cahan ayinəsi kim, gərdi-möhnətdən mükəddərdir. Sənin təhriki-rəxşi-iqtidarından umar təskin Bu günlər dəhr kim, təşvişdən qayətdə müztərdir. Müxalif zülməti-heyrətdə qalmış, əzmi-cəzm et kim, Bu zülmət dəf’i möhtaci-şüayi-tiğü xəncərdir. Cəzayir əhli tüğyan üzrədir, əzm et ki, şəmşirin Fəsadi-xuni-fasid dəf’inə xunriz neştərdir. Əzimət qıl ki, dövran müntəzirdir fəth zövqinə, Rəvan ol kim, zəmanə tabe’ü düşmən mühəqqərdir. Cəzayir mülkini qıl Bəsrə iqliminə mülhəq kim, Peyapey fəthü nüsrət ne’məti-qeyri-mükərrərdir. Sərəfraza, Füzuli qeyrdən qət’i-nəzər qılmış, Sənin dərgahinə bir sadiqül-ixlas çakərdir. Yetər lütfün ona daim, degil hacət tələb qılmaq, Tərəddüdsüz olur hasil nə kim, Həqdən müqəddərdir. Ümidim var kim, rə’yincə ola seyri dövranın, Fəzayi-asiman ta cilvəgahi-seyri-əxtərdir. * * * Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil Nə mövcud olmasa əsbabi-dünyadən, degil müşkil, Bu müşkildir ki, mövcud olmaya bir hakimi-adil. Nə dərdi-dil ki, üz göstərsə dövrandan degil möhnət, Budur möhnət ki, şərhin qılmağa olmaya əhli-dil. Mərizin olsa min dərdi, bu dərd onlardan əfsundur Ki, təşxisinə olmaya təbibi-haziqü kamil. Bəladır kim, dili-aşiq kimi viran ola kişvər, Ola ol haldən hakim olan məhbubvəş qafil. Həvayi-nəfsə tabe ola əhli-mülkdən fariq, Qılıb üşşaqinin tərkin, rəqibinə ola mail. Binayi-xaneyi-rəhmət mürur ilən olub viran, Tilismi-nəzmi-cəm’iyyət ola tədric ilə batil. Nə xoşdur əhli-aləm rəğbətiçün ola hakimdə Rüxi-rəxşan, ləbi-xəndan, dili-dana, kəfi-bazil. Müdavayi-qülubi-münqəbiz bir dərddir mühlik, Mülaqati-müluki-tündxu bir zəhrdir qatil. Nə ümmid ilə surət bağlasın izharə şərhi-qəm, Cəvabi-təlxdən yeyrək bilir hirmanını sail. Nişani-hüsni-tale’ bu yetər Bağdadə kim, hərgiz Ona rahət mülaqatında yox bir mane’ü hail. Bihəmdillah səlahi-dövlət içün məsnədi-rif’ət, Bu gün bir qütbi-sahibədlü saibrə’yədir mənzil. Sipehri-dövlətü iqbal, mülkarayi-Cə’fər bəg Ki, yeksandır onun ədlinə hökmi-alivü safil. Zəhi adil ki, dövranında dehqan tirə toprağə Buraxsa daneyi-cov, xuşeyi-pərvin qılır hasil. Fələk tə’siri-iqbalından istər qüvvəti-tale’ Kim, olmuş bəhr məhsulinə, kan ədrarına amil. Ümuri-xeyri ehsan buldu əyyamında min rövnəq, Ədalət mültəzəmdir ol ümurə, mərhəmət kafil. Hesabi-mücməli-övsafidir bir pak dəftər kim, Cahanın xeyri-məhsulu onun cəm’inədir daxil. Zəmanında zəman əhlinə hərgiz çəkməmiş katib, Hesab olduqda qeyri-izzü rif’ət baqivü fazil. Sərəfraza, nəvali-ne’mətü idrari-ehsanın, Cəmi’i-mülkədir cari, cəmi’i-xəlqədir şamil. Təvəccöh qıl, məlalət çəkmə, ikrah etmə kim, Həqdən Bir ayətdir nizami-mülkü millət şə’ninə nazil. Əgər hökm etsə hüsni-tale’in, baran olub lö’lö, Sənə minnətsiz eylər əbrü dərya hasilin vasil. Sənə nisbət bu rütbə rütbeyi-məzmumdur, əmma Nə çarə, ziynəti-əyyamə sənsən cövhəri-qabil. Ədalət səndə bulmuşdur, sənə möhtacdır kişvər, Gühər ümmidi birlə daməni-dərya dutar sahil. Şəha, gər olmasaydı lütfü idrakın təqazası, Füzulinin qalırdı karigahi-sən’əti batil. Sənayi-izzü iqbalın dilər əlbəttə bir madeh, Zühuri-lütfü ehsanın dilər əlbəttə bir sail. Ümidim var kim, ta nurü zülmət ola aləmdə, Cahandan sayeyi-cahü cəlalın olmaya zail. * * * Səbr hər dərdə mürur ilə müdava eylər Səbr hər dərdə mürur ilə müdava eylər, Sahibi-səbr bulur hər nə təmənna eylər. Dövrdən dəhrdə hər məqsədə bir möv’id var, Vəqtsiz gərçi ona təb’ təqaza eylər. Yetmədən vəqt, muradını təqaza qılmaz, Hər mühəqqiq ki, xəbirəm deyü də’va eylər. Rəsmi-dövrani-fələkdir bu kim, əhli-tələbi Neçə gün heyrəti-hirman ilə iyza eylər. Surəti-şahidi-iqbali qəbul etmək üçün, Qaliba ayineyi-təb’i mücəlla eylər. Talibin dövri-sipehr ilə müxalif rəvişi Üqdələr rişteyi-əhvalına peyda eylər. Zaye olmaz, irişir məqsədinə, səbr qılıb Kim ki, dəhr ilə mədarində müdara eylər. Dövr bihudə degil, hər nə müqəddər olsa, Ona tədric ilə əsbab mühəyya eylər. Hiç məxluqdə yox qüdrəti-iycadi-ümur, Hər nə eylər əsəri-qüdrəti-mövla eylər. Qılmasa lütfi-həqü dövləti-tövfiq mədəd, Zəhri zənbur qaçan şəhdi-müsəffa eylər. Mən kimi zarə nə nisbət şərəfi-neyli-murad, Lütfi-həqdir ki, məni məqsədə ehda eylər. Ey könül, kəsmə tələb badiyəsindən qədəmin Ki, tələb rütbeyi-iqbali müəlla eylər. Leyk hal əhlinə izhar edə gör dərdi-dərun, Xəstə əhvalını mə’lum ətibba eylər. Əkməli-xəlqdən istə şərəfü rif’ət kim, Qürbi-ədna həvəsi, rütbeyi-ədna eylər. Gərçi surətdə şəriki-bəşəriyyət çox olur, Dərki-əsrari-həqiqət dili-dana eylər. Az olur qabili-idraki-rümuzi-mə’qul, Sanma hər xaki qəza alimi-əsma eylər. Müstəiddi-şərəfi-rif’ət olan nadir olur, Sanma hər abi həva lö’löi-lala eylər. Çox olur gərçi məadində cəvahir sinfi, Padişəh ziyvəri-əfsər, düri-yekta eylər. Saidi-ədldədir qüvvəti-icadi-nizam, Ərzi-icazi-nübüvvət yədi-beyza eylər. Pənceyi-əzmdədir qüdrəti-islahi-fəsad, Sehr dəf’in mədədi-mö’cizi-Musa eylər. Nəzmi-dünya səbəbi-səltənəti-üqbadır, Ə’dəli-xəlqini Həq nazimi-dünya eylər. Artırıb surəti-halinə kəmali-mə’ni, Surəti mə’ni ilə cümlədən ə’la eylər. Mücməla həzrəti-paşayi-fələkqədr kimi, Aləməfruz qılır, məmləkəttara eylər. Ol zəki-təb’ ki, divani-xilafət hökmün Rüb’i-məskunə onun diqqəti icra eylər. Ol səxapişə ki, bir dəmdə qılır sərfi-gəda, Hər nə yüz ildə əyan mə’dənü dərya eylər. Sayeyi-rə’yəti-iqbali yetən yerlərdə, Ruzigarini ədunin şəbi-yelda eylər. Ərseyi-rəzmdə hər dəm ki, qılıb meyli-qəza, Cümləsin üqdəgüşayi-səfi-hica eylər. Dağıdır tiğ ilə tərkibi-ədu əczasın, Leyk hər cüz’i onun layətəcəzza eylər. Şəbi-hicadə ki, səyyareyi-peykani ilə, Səri-xəsmini qəza övci-Sürəyya eylər. Zəxmi-təndən açuban ruhi-müxalif rövzən, Çıxub ol övci-Sürəyyayə təmaşa eylər. Mədədi-rə’yi zəmiriylə gəlür fe’lə müdam, Lövhi-qüdrətdə qəza hər nə ki, inşa eylər. Ləfzi-pakindən edər hüsni-ibarət kəsbin, Fələk əhkami-qədərdən nə ki, imla eylər. Aləmi eyləsə bir zati-müşəxxəs təqdir Xaki-payini onun dideyi-bina eylər. Şöhrəti-ismi yetər şahidi-hüsni-əməli, Əhli-Həq ismdən idraki-müsəmma eylər. Ey ki, əhli-nəzərə nasiyeyi-iqbalin Səltənət nurini hər ləhzə hüveyda eylər. Səndə mövdu’dur əsrari-xilafət gənci, Əhli-idraki süvar vaqifi-mə’na eylər. Mümkün olmaz ki, ola nəzmi-cəhan rə’yinsiz, Surəti-kövn qaçan tərki-həyula eylər. Rövzeyi-xaki-dərin baği-güli-cənnətdir, Kim ki, cənnət dilər, ol rövzədə mə’va eylər. Müttəsil gərçi niyaz ilə dutub damanın, Tiğ səndən tələbi-kəsrəti-ə’da eylər. Cilvəgahi-əməlin məsnədi-əmniyyətdir, Əsəri-rif’ətin ə’dayi əhibba eylər. Mari təhdidi-əzabi-qəzəbin mur qılır, Pəşşəyi tərbiyətin izzilə ənqa eylər. Övliya bürcünə yetdi qədəmin, şək yox kim, Xaki-pakindəki əmvatini əhya eylər. Ey xoş ol məqbərə kim, bulmağa əmvati həyat, Onu tövfiq güzərgahi-Məsiha eylər. Sərvəra, samit ikən ləzzəti-mədhin zövqi Tutiyi-nitqi-Füzulini şəkərxa eylər. Eylə kim, fəsli-xəzan bülbüli lal etmiş ikən, Şövqi-nəzzareyi-gül zövq ilə guya eylər. Cani-məhcurinə rahət yetirər didarin Çəməni səbzi-bəhari fərəhəfza eylər. Ziyb mədhindən alur ləhceyi-nahəmvarim, Xari mərğub cəmali-güli-rə’na eylər. Gərçi saxlardı nihan nəzmimi bəxti-siyəhim, Sənə yetdikcə nə kim var isə ifşa eylər. Dutalım sətrdir əyanə, hicabi-zülmət, Xizrdən abi-həyati necə ixfa eylər. Davəra, böylə zamanlardakı ədlin əsəri Çareyi-dəf’i-qəmi-hər dili şeyda eylər. Əhli-irfanə kəmali-kərəmin hər saət Lütflər zahir edib, meyli-mühaba eylər. Nə rəvadır bu ki, peyvəstə sipahi-qəmü dərd Könlümün mülkini bivasitə yəğma eylər. Mən nihan xaneyi-üzlətdə ikən fəqr mənim Kəşfi-əsrarim edib aləmə risva eylər. Hər zaman xəlq mənə qılmağa itlaqi-cünun, Məni ənduh sərasimeyi-sevda eylər. Bu bəladən kimə izhari-şikayət qılayım, Hər kimə zülm keçibdir, sənə şəkva eylər. Vaqifi-sirri-süxən kimsənə yox səndən qeyr, Sən əgər eyləməsən, kim mənə pərva eylər? Var ümidim necə kim, mübdii-asari-vücud Sərfi-təqdir qılıb xilqəti-əşya eylər, Ola baqi əsəri-mə’dələtin kim, daim Əsəri-zülmdən afaqi-mübərra eylər. * * * Ey sənə iqbali-ruzəfzun ətayi-kirdigar Ey sənə iqbali-ruzəfzun ətayi-kirdigar, Müttəsil tə’ziminə mə’mur dövri-ruzigar. Afitabi-asimani-ədlsən, olmaz əcəb, Qılsa iqbalın təqazayi-ülüvvi-iqtidar. Qürbi-dərgahi-xilafət şövqi cazibdir sana, Eylər isən nola təğyiri-məkan biixtiyar. Ədl bir məqbul taətdir ki, qalmaz əcrsiz, Adilin əlbəttə qədrin artırır Rərvərdigar. Gərçi təhrikin sənin hikmət təqazasiylədir, Qanda əzm etsən olur səndən münəvvər ol diyar. Pərtövi-iqbal ilə şəm’i-cahanəfruzsən, Zövqi-didarindədir xasiyyəti-feyzi-bəhar. Qanğı xari-xüşkə lütfün yetsə, eylər barvər, Qanğı səhrayə güzar etsən qılırsan laləzar. Əbri-nisansan, degil bihudə təhrikin sənin, Bər gül eylər kəsb səndən, bəhr dürri-şahivar. Qanda olsan, olduğun kişvərdə olmaz inqilab, Qanğı qəm əhlinə kim, yetsən, olursan qəmküsar. Leyk səndən ayrılan xəlqin işi düşvardır, Bir şəbistanın çirağın alsalar olmazmı tar? Tirə olmazmı cəhan pünhan olcaq afitab, Gedicək gül dövri bağın gülbüni olmazmı xar? Xəstə kəsməzmi həyatından təmə’, getsə təbib, Getsə can, olmazmı cismi-dərdpərvər xakisar? Ey fələk, billah, nədir mövcib ki, bu mülk əhlinə Cövri-bihəd etdinü bidadi qıldın bişümar! Nişə qıldın afiyət mülkini viran zülm ilə, Nişə saldın zövq mir’atına möhnətdən qübar? Sən bilirsən kim, bu mülk əhlinə olmuşdur şəfiq Həzrəti-paşayi-sahibrif’ətü gərdunvüqar. Ol salıbdır bunda asari-kərəm avazəsin, Ol qılıbdır bunda cəm’iyyət əsasın üstüvar. Nişə aldın başımızdan sayeyi-iqbalini, Nişə etdin əhli-idrakə bu zülmü aşikar? Etmədinmi vəhm ondan kim, qılam bir ah ilə Həft taqü nöh rəvaqin rəxtü bəxtin tarümar? Üzr ilə gərdun dönüb verdi cəvabım, k’ey fəqir, Bitəkəllüf olmuşam mən həm bu işdən şərmsar, Leyk mə’lum eylə kim, bu macəra məndən degil, Sən qılırdın iltimasın bu işin leylü nəhar. Eyləyib əczü niyazilə duayi-biriya, Ol sərəfrazə sən istərdün ülüvvi-e’tibar. Lacərəm olmaz təzaüf məsnədi təğyirsiz, Yetməyincə mənzilə bulmaz tələb əhli qərar. Necə qılsın arizuyi-ixtilatın əhli-qürb, Necə çəksin əhli-rif’ət məqdəminə intizar. Nola gər xurşidvəş dur olsa ol sahibnəzər, Gər iraqdır, gər yaqın, ehsanına ümmid var. Qanda olsa görməsin tabi-həvadisdən zərər, Zati-pakin saxlasın hər fitnədən Pərvərdigar. Ey ki, hicranın dili-əfkarə salmış iztirab, Firqətin tə’siri etmiş canı məhzun, cismi zar, İstərəm daim görəm didarin, əmma neyləyim, İxtiyarım yox, mənim rə’yimcə çərx etməz mədar. Var ümidim, qanda olsa dövlətü iqbal ilə, Ola bəxtin kamiyabü kamiranü kamikar. Ola vasil qanda olsan dövlətü iqbalına Hər dua kim, sidqilə eylər Füzuli xakisar. * * * Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər Fələk hər dövrdə bir feyzi-hikmət aşikar eylər, Təqalibi-zaman izhari-sün’i-Kirdigar eylər. Qəradən ağı fərq etməz bu rəmzin bilməyən dəhrin Ki, niçün gəh nəhari leylü gəh leyli nəhar eylər. Bəyaz üzrə səvadi-nüsxə kim əsrari-hikmətdir, Xirəd hər hərfini mənzuri-eyni-e’tibar eylər. Əsiri-dərd olanlar ruzigarın inqilabından, Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər. Fələk dövranının əhvalinə vaqif olan arif, Təriqi-səbrü təslimü təvəkkül ixtiyar eylər. Müqarin olsa asari-səadət tirə toprağə, Nəsimi-növbahar ol tirə toprağə güzar eylər. Mücəlla eyləyib ayineyi-təb’in küdurətdən, Qılıb xürrəm, verib lütfi-təbiət laləzar eylər. Verir hər xəstəyə əlbəttə dövrani-fələk dərman, Vəli bir qaç zaman bimari-dərdi intixar eylər. Qılır hər namuradi aqibət məqsudinə vasil, Vəli bir neçə müddət zilli-hirman ilə zar eylər. Zəmanə hər diyarə istəsə asari-əmniyyət, Ona sahibliva, bir sərvəri-rif’ətşüar eylər. Qəza hər kişvərin əhlinə cəm’iyyət murad etsə, Ona əlbəttə bir danayi-kamil şəhriyar eylər. Bihəmdillah bu gün bu mülkə salmış sayə bir adil Kim, onun nisbətilə izzü rif’ət iftixar eylər. Sərəfrazi ki, feyzi-xakbusi-asitanından Enib hər dəm günəş kəsbi-ülüvvi-iqtidar eylər. Səfayi-zikri-xaki-payidir ol seyqəli-rəhmət Ki, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər. Fələk məşşatəsi verdikdə ziybi-şahidi-dövlət, Onun mahi-livayi-rif’ətin ayinədar eylər. Zəmanə inqilabından fərağət istəyən arif, Onun mə’mureyi-iqbalına hisni-həsar eylər. Səmiyyi-Əhmədi-Mürsəl Məhəmməd bəy, o dəryadil Ki, mir’ati-dili-əhbabdən rəf’i-qübar eylər. Əya sərdari-rövşənrə’y mülkaray, fərruxrüx Ki, hər mənsəbdə ismin iqtizayi-iştihar eylər. Kəmali-mə’rifət hər xandavü hər dövrdə olsa, Səni sərdəftəri-ərbabi-təmkinü vüqar eylər. Bu mülkə sayeyi-dövlət buraxmışsan bihəmdillah, Yeridir gər sənə mülk əhli can nəqdin nisar eylər. Neçin kim zati-pakin məzhəri-feyzi-ədalətdir, Bu mülkün hər günün novruzü hər fəslin bahar eylər. Məşahid rövnəqinə əzm qılmışsan, zəhi himmət, Bu himmətlə səni Xəllaqi-aləm kamikar eylər. Şəhidi-Kərbəlayə su yetirmək qəsdin etmişsən, Səni əlbəttə aləmdə bu niyyət payidar eylər. Sərəfraza, Füzuli xəstəyə bu mülki-qürbətdə, Sipehri-namüvafiq dövri cövri-bişümar eylər. Əgərçi biqərar etmişdir ol biçarəyi möhnət, Bulub təmkin sənin zövqi-vüsalinlə qərar eylər. Cəmii-xəlqdən qət’ eyləmiş sərrişteyi-ülfət, Əgər sən həm tərəhhüm qılmasan tərki-diyar eylər. Sən ol pakizətəl’ət, afitabi-aləmarasan Ki, lütfün könlümü yüz məqsədə ümmidvar eylər. Verir mədhi-şərifin cövhəri-göftarinə rövnəq, Sədəfdir qətreyi-barani dürri-şahivar eylər. Qılır şəm’i-cəmalın nuri təb’i-tirəmi rövşən, Günəşdir səngi-bimiqdarı lə’li-abidar eylər. Ümidim var kim, var olasan aləmdə qədr ilə, Qəza hər necə kim yoxdan cahan əhlini var eylər. * * * Cahanı eylədi feyzi-bəhar rəşki-cinan Cahanı eylədi feyzi-bəhar rəşki-cinan, Buraxdı fərşi-lətafət zəminə lütfi-zəman. Həva sünufi-rəyahinə verdi ziybi-zühur, Tərazi-Hilleyi xak oldu hülyeyi-əlvan. Diküb şükufəvü qönçə çəməndə çətrü otaq, Məqami-bəzmi-sürur oldu ərseyi-bustan. Degil əlaməti-fəsli-rəbi’ qövsi-qüzeh, Ədayi-xidmət içün bağladı sipehr miyan. Mükəmməl olmağa əsbabi-eyş bitənqiz, Müyəssər olmağa alati-bəzm binöqsan, Səhabü seyl ilə irsal oldundu gülzarə Qamu zəxireyi-bəhrü qamu dəfineyi-kan. Təmamiyi-bərəkatın zəmin qılıb məbzul, Cəmi’i-lütfi-nihanın zəmanə qıldı əyan. Büsati-səbzəyə gülbün yaşıl sərir tiküb, Yaxıb çiraqlərin hər tərəf güli-xəndan, Yığıldı nəstərənü susənü gülü lalə, Dərildi nərgisü nəsrinü sünbülü reyhan. Nəfiri-seylə həmavaz olub nəqareyi-rə’d, Qılub misari-müqərrər cəvahirin baran, Çəməndə eylədilər tifli-qönçəyi sünnət, Saçıldı gülşənə gül-gül cərahətindən qan. Yetirdi öylə səfa dövri-ruzigarə bu sur Ki, suri-xütneyi-nəqdi-yeganeyi-dövran, Güli-bəhari-əmarət, cənabi-Cə’fər bəg Ki, tövqi-rə’yinədir çərx bəndeyi-fərman. Nizami-səltənətü mülkə əşrəfi-əsbab, Binayi-millətü islamə ə’zəmi-ərkan. Bəhari-rif’ətü iqbalə əltəfi-əzhar, Nihali-şövkətü iclalə ə’dəli-əqsan. Sipehrmənziləta, sənsən ol məkani-həya Ki, yox sifatinə həddi-əhateyi-imkan. Mübarək ola bu surü süruri-bəzmi-huzur Kim, oldu cümleyi-xəlqi-cəhanə feyzrəsan. Nişatü eyşinin övsafi tutdu afaqi, Səfafü zövqünün avazəsiylə doldu cəhan. Sipehr qıldı bu bəzmi-nişatə bəzli-səfa, Məlaik oldu bu surü sürurə fatihəxan Ki, əsli qaideyi-hifzi-şər’dir bu əməl, Budur müqəddəmi-əsnafi-taəti-Rəhman. Şəha, Füzuliyi-zarəm ki, dövri-ədlində Büqai-əmnü əmandır mənə məqamü məkan. Nisari-bəzmin içün gər bulursa hüsni-qəbul, Gətirmişəm göhəri-e’tiqadü cövhəri-can. Ümid var ki, olduqca ruzigarə vücud, Müyəssər ola sənə irtifai-şövkətü şan. * * * Ey hilali-eyd, qalibdir sənə əbruyi-yar Ey hilali-eyd, qalibdir sənə əbruyi-yar, Hüsni-surət səndə bir var isə, onda iki var. Yar əbrusinə bənzətməm səni, ey mahi-növ, Sən günəş birlə görünməzsən, sənə nə e’tibar. Qaşlarındandır xəcil guya hilali-eyd kim, Gecə əskik görünür, gündüz çox olmaz aşikar. Cilvə eylər mahi-növ el qarşısında şami-eyd, Sən girib ortaya qaşın göstər, ol dutsun kənar. Natəvan gördüm hilali-eydi dün yarım kimi, Ol dəxi guya ki, zə’fi-ruzədən olmuş nizar. Yeni ayi qaşların sövdası rüsva eyləmiş, Göstərirlər bir-birinə onu əhli-ruzigar. Mahi-növdir bilməzəm taban şəfəqdən, yoxsa kim, Qana batmış növki-şəmşiri-əmiri-namidar. Ol sərəfrazi-fələkrif’ət ki, rə’yi-rövşəni Eyləmişdir rəf’ mir’ati-həqayiqdən qübar. Cövhəri-pakizeyi-zati-şərifi-kamili Aləmə lütfü mürüvvət mə’dənindən yadigar. Şəfqətü qəhr ilədir bir sayəgüstər nəxl kim, Takdir əsli, verir həm qürə, həm əngur bar. Qəhri ol rəngilə kim dərya mizacin xüşk edər, Çalsa gər Musasifət dəryayə tiği-abidar. Şəfqəti ol rəsmə kim, atəş təbiətdən çıxar, Salsa İbrahimvəş od üzrə lütf ilə güzar. Həm təriqi-mə’dələt rə’yindən onun müstəqim, Həm əsasi-afiyət ədlindən onun üstüvar. Ey səfayi-məşrəbin mülki-əzəltək bikəran, Vey bihari-himmətin bəhri-əbədtək bikənar. Gər sən olsaydın əmiri-şövkəti-İskəndəri, Vadiyi-hikmətdə bulmazdı Ərəstu iştihar. Vər sən etsəydin qəbuli-minnəti-Nuşirəvan. Eyləməzdi hiç kim Büzürcmehrə e’tibar. Məhzi-şər’ olmuş əfakəllah vücudi-kamilin Feyzi-təsvirü hədisü fiqhdən leylü nəhar. Səfheyi-mehri-rüxündür mövdiyi-muri-nəbi, Çar təb’i-kamilin mə’vayi-mehri-çariyar. * * * Mən kiməm? – Bir fəqiri-bisərü pa Mən kiməm? – Bir fəqiri-bisərü pa, Kəmtərin bəndəvü kəminə gəda. Sayiri-kargahi-səbrü sükun, Saliki-şahrahi-fəqrü fəna. Nə mizacimdə irtikabi-qürur, Nə fəalimdə ehtimali-riya. Künci-üzlətdə fəqrü faqə ilə Olmuşam öylə məhv kim, məsəla: Mərkəzi-xaki etsə zirü zəbər, Bulamaz gərdimi nəsimi-səba. Əzl qılmış məni əməllərdən Amili-karxaneyi-dünya. Qılmazam karü bari-aləmə meyl, Çəkməzəm əzlü nəsb üçün qovğa. Mənə vermiş cahan qamu fəqrin, Nola ursam cahana istiğna. Aləmi-üzlətin yeganəsiyəm, Qafdən-Qafə yox mənə həmta. Surətim fəqrü siyrətim mün’im, Hey’ətim murü himmətim ənqa. Rif’əti-qədrim iltifat etməz, Gər Süleyman qılırsa ərz əta. Faniyi-mütləqəm, qəbul etmən Minnəti-Xizr ilə zülali-bəqa. Deməzəm vəhşiyəm, təbiət ilə Talibi-zövqi-söhbətəm, əmma Bir diyar içrəyəm ki, xəlqindən Eyləməz hiç kim mənə pərva. Kimsə yox dərdim eyləyim izhar, Eyləyim ondan iltimasi-dəva. Lə’lvəş daş içindədir vətənim, Gül kimi, xarı qılmışam mə’va. Dün bu hal ilə məhvi-heyrət ikən, Gəldi bir qasidü gətirdi mana Bir əcəb nameyi-fərəhtə’sir, Məhz hüsni-ibarətü imla. Zahiri dilpəzirü feyzrəsan, Batini feyzbəxşü ruhəfza. Nəqşi-xəttində əltəfi-surət, Tərzi-ləfzində əşrəfi-mə’na. Cilvəgahi-nəzərdə hər ləfzi, Bir pəripeykərü mələksima. İşvəvü şivəvü kirişmə ilə Dil edər seydü əql edər yəğma. Fəhm qıldıqda hüsni-məzmunun, Qıldım onda sürurlər peyda. Bəndəyi lütf birlə yad etmiş Həzrəti-seyyidi-xücəstəliqa. Ol fələkqədr kim, ona vermiş Hikməti-Həq kəmali-sidqü səfa. Zati-paki cəmii-aləmdən Şərəfi-rütbə ilə müstəsna. Feyzi-elmi ifadeyi-bəşəri, Ona ərvahi-qüdsdən ilqa. Əslidir nuri-paki-müstəfəvi, Hökmüdür rövnəqi-səriri-qəza. Elmidir baisi-rəfahəti-xəlq, Fe’lidir mövcibi-rizayi-Xuda. Az olur bir arada cəm olmaq Hökmü elmü səyadətü təqva. Mir Seyyid Məhəmmədi qazi, Mənbəi-elmü helmü cudü səxa. […] Ey qəzahökm kim, müyəssərdir Zatinə iqtidari-izzü əla. Güli-gülzari-itrəti-nəbəvi, Çəmənarayi-milləti-Zəhra. Nuri-çeşmi-təmamiyi-sadat, Müqtədayi-cəmii-əhli-zəka. Mənə təqsir hökmün etmişsən, Demək olmaz bu hökmə hökmi-xəta. Leyk bir bəndeyi-həqirəm mən, Əməlim əhli-xeyrə xeyr-dua. Sahibi-üsrətəm, mənə nə düşər Kim, olam həmnişini-əhli-ğina? Məhzi-cəhləm, mənə nə nisbətdir Ki, qılam meyl söhbəti-füzəla? Gərçi əflakə rəğbət eylər xak, Yetməz ə’layə rütbeyi-ədna. Lütf səndən mənə münasib ikən, Məndən olmaq mütaləbət nə rəva? Ey Füzuli, bu növ, də’vadə, Məsləhətdir dutam təriqi-riza. Hal müşküldür onda kim, bir ola, Sahibi-hökmü sahibi-də’va. Var ümidim ki, ta müəssirlə, Sabitü sayir ola ərzü səma, Ola hökmi-qəza ilə baqi Qaziyi-ğaziyi-xücəstəliqa. * * * Qıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-bahar Qıldı dəf’i-qəm dili-üşşaqdən zövqi-bahar, Ah kim, göstərdi eşq əhlinə dövran hicri-yar. Sakini-xümxanə peyda qıldı şövqi-seyri-bağ, Gəldi ol dəm kim, qıla biçarələr tərki-diyar. Saldı göz girdabına nəzzarəyi-gül mövci-xun, Qıldı dil ayinəsin pürjəng əksi-səbzəzar. Qönçətək çak oldu ceybi-sirri-ərbabi-ifaf, Aldı meyli-seyri-gülzar əhli-təmkindən vüqar. Dutdu cami-laləgun ərbabi-işrət gül görüb, Qan içirdi xəlqə neyrəng ilə çərxi-hiyləkar. Dustlər, əyyami-gül olsaydı həngami-sürur, Rə’di-nalan dəmbədəm qılmazdı əbri-əşkbar. Fəsli-gül təb’ində əmniyyətdən olsaydı əsər, Qərqi-xuni-laləzar olmazdı tiği-kuhisar. Sineyi-səhrayə tiği-seyldən düşməzdi çak, Növərusi-qönçənin damanını dutmazdı xar. Jalə daşından göyərməzdi təni gülbünlərin, Gülşəni zəncirə qılmazdı müqəyyəd cuyibar. Bu əlamətlərdən agah olmayandır bixəbər, Bixəbərdir ol ki, eyş eylər bu mövsim ixtiyar. Nola gər heyrət qılıb susən zəbanı olsa lal, Nola gər həsrət çəkib ağlarsa bülbül zar-zar, Ey dili-qafil, degil bihudə təşrifi-rəbi’, Ondadır müzmər kəmali-qüdrəti-Pərvərdigar. Qaliba təqdirdən sükkani-xəlvətgahi-xak, Rüxsət almışlar kim, edib sirri-hikmət aşikar, Cümleyi-əzhar xəlvətdə geyib rəngin libas, Eyləyib hər ildə bu dünyayə bir növbət güzar, Edələr qafillərə təkmili-əsbabi-qürur, Olalar ariflərə mənzuri-eyni-e’tibar. Tutalar bir dəm qərar, amma yenə dilgir olub, Edələr sərmənzili-mə’hudə dünyadən fərar. Dari-dünya öylə sərmənzil degildir kim, ola Nazəninlər təb’inə abü həvasi sazikar. Təngnayi-aləmi-fani degildir ol məqam Kim, ola bünyadı müstəhkəm, əsası üstüvar. Ey qəza, gər arizuməndi-səbati-dəhr isən, Əmrin et təslimi-xüddami-əmiri-namdar. Ol fələkrif’ət ki, rə’yindəndir istehkami-mülk, Ol mələksiyrət kim, ondandır rəvaci-ruzigar. Çeşmi-lütfündən etmiş bəhr təhsili-səxa, Naibi-qüdrətdən almış çərx rəf’i-iqtidar. Dövr tövri-dilgüşa kilkindən etmiş iktisab, Çərx qədri-mürtəfe’ bəxtindən etmiş müstəar. Nəqşi-lövhi-e’tibari sərhədi-əhkami-ədl, Surəti-əhkami sirri-hikmətə ayinədar. Karisazi-mülk Cə’fər bəg, o rövşənrə’y kim, Nüsxeyi-hökmünədir məzmun rizayi-Kirdigar. Əhli-hökmə ta əbəd əf’ali dəsturül-əməl, Nəzmi-mülkə vəz’i-qanuni əsasi-payidar. Ey əzəldən məsnədi-rif’ətdə zati-kamilin Kambəxşü kamiranü kambinü kamikar. Növbəhari-zövqi-vəslindən cüda gülzari-mülk Xarizari-dərddir, zindani-zillü inkisar. Həq bilür kim, gülşəni-vəslindən ayrı mürği-dil Payibəndi-rişteyi-təşvişdir leylü nəhar. Olmazam bir ləhzə birə’di-fəğanü bərqi-ah, Qanda kim, seyr eyləsəm giryanü suzan əbrvar. Aqibət gülzari-şövqündə nihali-möhnətim Abi-çeşmü daği-dildən qıldı zahir bərgü bar. Müjdeyi-təşrifi-vəslin gəldi çox, əmma nə sud, Suzi-hicrani ziyad eylərdi daği-intizar. Sərvəra, gülbərgi-rüxsari-lətifin görməgə Müntəzirdir zarü sərgərdan Füzulitək həzar. Necə müştaq olmasınlar dövləti-didarına, Müğtənəmdir bitəkəllüf hakimi-rif’ətşiar. Var ümidim kim, bəhar olduqca bəzmarayi-mülk, Görməyə ayineyi-təb’in həvadisdən qubar. * * * Sün’i-Həq kim, yox ikən aləmi etmiş peyda Sün’i-Həq kim, yox ikən aləmi etmiş peyda, Ondan almış əsəri-nəzm nizamın əşya. İqtizayi-nəsəqi-mülkü nizami-millət, Xasü amin kimin ədna, kimin etmiş ə’la. Ta zərər yetməyə ədnalərə ə’lalərdən, Eyləmiş aləmə fərmani-xilafət icra. Ənbiya birlə səlatini müfəvvəz qılmış, Olmağa niyyəti-ədl ilə məmalikara. Hökmdür hökm ki, dünyayə verər ziybi-nizam, Hökmdür hökm ki, din rəsmini eylər əhya. Hökm gər olmasa dünyayə salır zülm fəsad, Hökm gər olmasa bulmaz nəsəqi-mülk bəqa. Hakim oldur ki, müvafiq ola hökmünə qədər, Hakim oldur ki, mütabiq ola əmrinə qəza. Hakim oldur ki, onun olmaya zatında təmə’, Hakim oldur ki, onun olmaya fe’lində riya. Şəm’dən görsə ki, pərvanəyə bir zülm yetər, Kəsə başın, deməyə zaye’ olur nəf’i-ziya. Bulmayan dövləti-tövfiqü inayət Həqdən, Nə rəva kim, qıla icrayi-hökumət də’va. Rəvişi-ədlidədir mərtəbeyi-qürbü qəbul, Ədlsiz hakimə də’vayi-hökumət nə rəva? Bir vərə’ əhli əgər qılsa ibadət yüz il, Saəti-ədlicə verməz əsəri-qürbi-Xuda. Hökmdür vasiteyi-mövtü həyati xəlqin, Vay ol hakimə kim, eyləyə hökmündə xəta. Qıla məzlumləri mərhəmətindən məhrum, Verə zalimlərə öz nəf’i üçün istila. Rəhmət ol hakimə kim, olmaya eldən qafil, Nəqdi-övqatı ola bəzli-niyazi-füqəra. Netəkim xütteyi-Bağdadı müşərrəf qılmış Məzhəri-mərhəmətü ədl Məhəmməd paşa. Ol sərəfraz ki, yümni-qədəmi-möhtərəmi Övliya bürcünə olmuş səbəbi-dəf’i-bəla. Niyyəti xeyr olub, ə’malı səlah olmaq ilə Hiç kəs yox kim, ona eyləməyə xeyr-dua. Böylə hakim əsəri-rəhmətidir Yəzdanın, Qanğı iqlimə qədəm bassa verür zövqü səfa. Var ümidim kim, onu qılmaya şərməndə əməl, Ol zaman kim, qurulur məhkəmeyi-ruzi-cəza. Var ümidim ki, bula feyzi-icabət Həqdən, Hər dua kim, qıla sidq ilə Füzuliyyi-gəda. * * * Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan Götürdü bad bürqə’ çöhreyi-gülbərgi-xəndandan, Gətirdi aləmi mürği-çəmən əfqanə əfqandan. Nədir, ya Rəb, çəməndə əndəlibin rişteyi-dami, Məgər açdı gireh sünbül səri-zülfi-pərişandan? Əgər qövsi-qüzehdən tir-baran etmədi gərdun, Nədir aya, səbəb kim, doldu gülbün cismi peykandan? Və gər bir baği-pünhan ilə bağrın yaqmadı gərdun, Nədir məqsudi hər dəm lalənin çaki-giribandan. Bəhar əyyamidir, qurtuldu aləm hər küdurətdən, Qılıb kəsbi-səfa cüllab feyzi-əbri-neysandan. Həva fəssadi çəkmiş xardən neştər, məgər bildi Ki, düşmüşdür gireh gülbünlərin ə’zasına qandan. Göz açdı əqdi-şəbnəmdən təravət kəsb edib nərgis, Ərəq qurtardı tədric ilə ol bimari böhrandan. Səfayi-kəsbi-hüsni-istiqamət eylədi hasil, Mizaci-mülki-aləm iqtidayi-əqdi-dövrandan. Səlahü e’tidalı dəhr mənsub etdi əzdadə, Fəsadü ixtilafı dövr mərfü etdi ərkandan. Çəmən bəzminə rövnəq verməyə gül qönçədən çıxdı, Müəyyən qılmaq üçün Misri Yusif çıxdı zindandan. Nola çeşmi-tər ilə çıxsa həbsi-xakdən nərgis, Nola gər çıxsa Yə’qubi-bəlakəş Beytül-əhzandan. Buraxdı jəng mir’ati-sərabə səbzeyi-səhra, Nəmi-xak etdi rəxşi-girdibadi mən’ cövlandan. Sərasər qıldı əczayi-zəmin əmvatını əhya, Məgər bir cür’ə abi-Xizr idi hər qətreyi-baran? Müalic sihhəti-bimar üçün çox çəkməsin zəhmət Bu gün kim, kəsb olur ol müddəa seyri-gülüstandan. Fəzilət ol degil kim, səfheyi-gülzarı doldurdu, Bəhari-aləmara sünbülü nəsrinü reyhandan. Budur kim, rövzeyi-Darüssəlami eylədi məmnun Sərəfrazi-səadətmənd lütfü ədlü ehsandan. Nizami-mük İbrahim bəg, ol paksiyrət kim, Təqazayi-təfəvvür eyləmiş əfradi-insandan. Sərəfrazi zəkitəb’i, fələkrə’yü mələksiyrət, Münəzzəhdir kəmali-nisbəti əmsalü əqrandan. Kəmalü fəzli-zati Asəf övsafında xətm olmuş, Götürmüş jəngi-nəqz ayineyi-mülki-Süleymandan. Dili-pürnurinə qılmaz güzar əfkari-nasayib Kim, ol qəndil məmlüvdür ləbaləb nuri-irfandan. Könül gər meyli-gülzar etsə, fəsli-gül onunçündür Ki, tə’lim ala mədhin ləhceyi-mürği-xoşəlhandan. Və gər göz mərdümi bustan təmaşasına meyl etsə, Onunçündür ki, tərhi-bəzm edə idrak bustandan. Sərəfraza! Bihəmdillah, bəhari-pərtövi-ədlin Dəri-feyz açdı gülzari-İraqə baği-rizvandan. Əcəb yox səbzəvəş gər xakdən baş çəksə əmvati, Əcəb yox olsa gənci-nihan zahir bu virandan. Füzuli xaməvəş sərgəşteyi-səhrayi-vəsfindir, Qədəm sərmənzili-təqsirə basmaz ol biyabandan. Yetər caninə mədhindən dəmadəm zövqlər, guya Ki, tari-gövhəri-mədhin qılıbdır rişteyi-candan. İlahi, ta nəsimi-sün’ təhrikilə aləmdə, Olur damani-gülşən pürgühər əbri-dürəfşandan, Riyazi-qədrinə gün-gündən əfzun ola cəm’iyyət, Ümidin gülşəni məhrus ola seylabi-hirmandan. * * * Afərin, ey saneyi-tənpərvəri-canafərin! Afərin, ey saneyi-tənpərvəri-canafərin! Xaliqül-əşya, ilahül-xəlq, rəbbül-aləmin! Mübdi’i-asari-qüdrət, əqdi-peyvəndi-vücud, Zabiti-ərkani-fitrət, nəqşbəndi-maü tin. Ey səmumi-sətvətin tə’siri, niyrani-cəhim Vey səhabi-rəhmətin siyrabi firdövsi-bərin. Qüdrətin gülzarına bir səbzə Sidrül-müntəha, Hikmətin şəm’inə bir pərvanə Cibrili-əmin. Sün’in eyvanında bir qəndil dövri-asiman, Sən’ətin dibaçəsində bir vərəq ruyi-zəmin. Dərgəhi-tə’zimü təkrimində aləm kamcuy, Xərməni-ehsanü əltafində Adəm xuşəçin. Ərseyi-idraki-fövzi-rif’ətin darül-əman, Rişteyi-ümmidi-feyzi-rəhmətin həblül-mətin. Xakdən hər zərrə tə’yidinlə bir cismi-lətif, Abdan hər qətrə tövfiqinlə bir dürri-səmin. Ol əmimül-feyzi-mün’imsən ki, feyzi-şamilin Rizq təqsimində qılmaz imtiyazi-küfrü din. Vadiyi-dərkindədir sərgəştə fəhmi-tündseyr, Mülki-tövhidindədir məhsur əqli-durbin. Elmi-irfanında hər kim tizbin olmuş, vəli Hiç şək yoxdur kim, ol idrakı həsr etməz yəqin. İqtizayi-hikmətin izhari-qüdrət qılmağa, İxtilafi-təb’ ilə əzdadi etmiş həmnişin. Hadisati-ixtilafi-dövrdən görməz xələl, Kimə kim, mə’mureyi-hifzin ola hisni-həsin. Hiç kim cürm ilə dərgahından olmaz naümid, Səndən istər kam, əgər risva, əgər xəlvətnişin. Sənsən izhar eyləyən mə’şuqə aşiq şövqünü, Aşiqi sənsən qılan mə’şuqə şövqilə həzin. Nəş’eyi-eşqinlədir Məcnun sürudi dərdnak, Pərtövi-hüsnünlədir Leyli cəmali nazənin. Padişaha, iqtiyazi-hikmətin tənbih edib, Gərçi hura rövzeyi-taata qoymuşdur cəbin, Taətin eylər Füzuli taqət olduqca, vəli Hirs ilə nə rövzeyi-rizvan dilər, nə huri-eyn. Huri-eynü rövzeyi-rizvan həvayi-nəfsdir, Nəfsdən keçmişdir ol, səndən riza istər həmin. * * * Şükr kim, çərx istiqamət üzrə dövran eylədi 1 Şükr kim, çərx istiqamət üzrə dövran eylədi, Cəm’i-əhli-dövlət ə’dasin pərişan eylədi. Dəhrə xəlqi-Bəsrəvü əhli-Cəzayir fitnəsi Çox zamanlar gərçi qan yutdurdu, pünhan eylədi, Aqibət bimi-zərərdən padişahi-aləmi, Bizzərurə vaqifi-asari-isyan eylədi. Qeyrəti-hökmi-xilafət ol diyarın fəthini Bir mücahid bəndeyi-məqbulə fərman eylədi. Məzhəri-rəhmət, Əyasi-mərhəmətəndişə kim, Ani övci-ədlə Həq xurşidi-rəxşan eylədi, Sayəvəş toprağa saldı düşməni-bədxahini, Hər yerə kim, rə’yəti əzmin xuraman eylədi. Bəsrə təsxiri, Cəzayir fəthi müşkil əmr ikən, Əshəli-əmr ilə bu dişvari asan eylədi. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkinə isbati-istehkamdır. 2 Qıldı Bağdad üzrə fəth içün mürəttəb bir sipah Kim, ələmdən bad təhrikilə məsdud oldu rah. Kəsrət ol qayətdə kim, əncüm tökülsə çərxdən, Ziynət içün bir gühər bulmazdı onda hər külah. Gər səba nagəh arayə düşsə manəndi-hübab, Onlara iltirdi ləşkər izdihamından pənah. Vəhş ilə teyrü mələk yüz dutdu qürbət əzminə, Qalmayıb onlara ləşkərdən vətəndə cayigah. Hər yana qaldırdı rə’yət bir əmiri-namidar, Hər yana səf bağladı bir sərvəri-Cəmşidcah, Dutdu səf-səf yer üzün ləşkər süturi-xət kimi, Ol xətin məzmüni istiqlali-hökmi-padişah. Etmək olmaz böylə ləşkər cəm’ini tədbir ilə, Yarü yavər olmasa tövfiqü tə’yidi-ilah. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə-isbati-istehkamdır. 3 Mahi-növdən Dəclədə göstərdi zövrəqlər misal, Kim görübdür kim, ola bir asimanda min hilal. Hər biri bir tayiri-övci-bəladir tizpər, Seydi-mürği-ruhi-xəsm eylər qılıb təhriki-bal. Yoxsa saildir, dəhanində qızıl bayraq zəban Hakimi-təqdirdən fəthi-bilad etmiş sual. Könlü açılmış, məgər bulmuş bu rəng ilə cəvab Çərxi-əxzərdən ki, mane yox təvəccöh eylə al! Suda bir zövrəqmi? Yaxud ağzın açmış bir nəhəng Beyrəq ol atəş ki, bulmuşdur dəmindən iştial. Sərvəri-sahibzəfər zövrəqlər ziynət verib, Qıldı düşmən mülkünə ərsali-əsbabi-qital. Saldı qovğayi-tüfəng məğzinə ə’danın qiriv Buldu vəhmindən mizaci-mülki-düşmən ixtilal. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 4 Rayətin bir canibindən eyləyib gərdun xüram, Gərdi-ləşkərdən rüxün gərdunun etdi mişkfam. Rüxsəti-əzmi-qəza Şahi-Nəcəfdən istəyib, Gəldi dərgahinə göstərdi təriqi-ehtiram. Buldu ol sultani-adildən kəmali-iltifat, Pir irşadiylə xoşdur hər əməldə ehtimam. Büq’ə-büq’ə qıldı teyy mə’mureyi-məhrusəyi Aldı feyzi-fəthi-mülk içün duayi-xasü am. Yetdi ol sərhəddə kim, ağazi-mülki-xəzmdir, Girdi ol meydanə kim, hökm onda olmuşdur təmam. Gəldi ol mənzildə ruzi-eyd kaxi-payinə, Fəthdən verdi bəşarətlər kim, ola şadikam. Yeddi əxtərdən fələk düzdü onunçün bir qətar Kim, çəkər səhrada əsbabi-sipahin sübhü şam. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-isehkamdır. 5 Şeyxi Ali-Qaş’əmin şərrilə bir şeytan idi, Məmləkət içrə fəsadi şöhreyi-dövran idi. Gərçi surətdə itaət zahir eylərdi, vəli Surəti-axşami xali-çöhreyi-üsyan idi. Müqtədasi əmrü nəhyindən həvayi-nəfs olub, Şər’ hökmü vadiyi-rə’yində sərgərdan idi. Qanğı xirmənsuxtə zər’inə qılsa bir nəzər, Bəzr üçün hər nəsnə kim qoysaydı, bir ehsan idi. Baş çıxarmaq istəməzdi zər vəhmindən onun, Gərçi fəllahin gözü yaşı ona baran idi. Hər evə bir gecə mehman olsa qövmündən biri, Adı mehmanlıq, vəli mə’nidə bir talan idi. Qıldı paşayi-səadətmənd rəf’ ol fitnəyi, Sanmanız kim, dəf’i-tədbiri onun asan idi. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 6 Ol qəzadən kişvəri-ə’dayə dəprəndi ələm, Düşdü bir səhrayə rəh kim, artırır zikri ələm, Bir biyaban kim, yox onda növ’i-insandan əsər, Ona nisbət vadiyi-mərdümnişin mülki-ədəm. Nəqşi-rigi xətti-afət, növki-xari tiği-kin, Yer mizacında bəla müzmər, həva təb’ində səm. Fəsl həm bir fəsl kim, sərd olmağın abü həva, Xəlqdən qət’i-həyat eylərdi İsa ursa dəm. Öylə mühlik şiddəti-dey kim, hərarət bulmağa, Gördüyü yerdə düşərdi odlara xurşid həm. Öylə qate’ tiği-sərma kim, ləhəddən çıxmağa, Ruh əgər əmvatə övd etsəydi eylərdi sitəm. Böylə mövsim böylə səhrayi dəlili-xeyr ilə Qət’ edib ləşkər Cəzayir mülkünə basdı qədəm. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 7 Ərseyi-mülki-Cəzayir oldu nagəh aşikar, Himmətə ərz etdi gərdun bir nihayətsiz diyar. Kəsrəti-əşcari ol qayətdə kim, ol mülkdə Bilməmiş abü zəmin hərgiz ki, bir xurşid var. Sanasan hər nəxli bir julidəmu divanədir, Gər ona zəncir ab olmazsa, dutmazdı qərar. Ərseyi-şətrənctək səhnində şətlərdi xütut, Qəl’ələr xət kimi ol şətt üzrə bihəd bişümar. Gərçi onlar məqsədi-əsli degildi ləşkərə Olmağın ol firqeyi-napak xaki-rəhgüzar, Əshəli-əmr ilə çox sərləşkəri pamal edib Binəhayət qəl’əyi-möhkəm olundu tarümar. Qəl’ələr fəthin kilidi-babi-nüsrətdür deyü Səfheyi-əyyamə təhrir etdi kilki-ruzigar. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 8 Oldu ondan sonra peyda Bəsrə əhlindən nişan, Fitnə odundan şərərlər qıldı zahir asiman. Gəldi istiqbalə çox səngindilü ahənqəba Oldu aləmsuz səngü ahəni-atəşfəşan. Hər dilavər nadiri-mülki-Xorasanü İraq, Hər mübariz sərxəti-məcmueyi-Hindustan. Ləşkəri-islam ilə ağazi-ülfət eyləyib Aşinalıq dəmbədəm əfzun olub qaynardı qan. Münhəzim ləşkərdən amma bir ələmsiz həm degil, Zəhri ol qövmin zənəbdən saçılıb zənbursan. Ol fəzayi-möhnətəfzadən yetincə Bəsrəyə, Dəhr baği-fitnədən bir gül açardı hər zaman. Leyk bir fərd olmadı zaye’ sipahi-Rumdən, Rəzm sevdasında ol tüccarə düşmüşdü ziyan. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır. Padişahın mülkünə isbati-istehkamdır. 9 Bir səhər kim tiği-zərrin çəkdi şahi-baxtər, Gög üzündə qoymadı əncüm sipahindən əsər. Bəsrəyə qarşı sipahi-Rumdən ərz oldu səf, Bağladı ruyi-zəmin bədxah qətlinə kəmər. Rə’yəti-xəzra çəkildi ol həsarın fəthinə, Yoxsa qəl’i-qəl’eyi-küffarə Cibril açdı pər? Nəhri-ə’şari üburi-ləşkər içün doldurub Mari-Zöhhakə Firiduni-zəman buldu zəfər. Çeşmi-xurşidi sinanü rumhi-xunxar etdi kur, Guşi-gərduni sədayi-nayi-ruyin qıldı kər. Gəldi düşməndən müqabil bir sipahi-bikəran Kim, səvadi-kəsrətin həsr edə bilməzdi nəzər. Ləşkəri-islamə nüsrət verdi lütfi-Kirdigar, Şam olunca qalmadı ol şö’lələrdən bir şərər. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 10 Şam kim rüxsarə çəkdi xosrovi-əncüm niqab, Qıldı Şeyxi-Bəsrə bəxti səltənət təxtində xab. Verdi əqlü rə’yinə dəxli-məhabət inhiraf, Saldı cismü canına əmri-səlabət iztirab. Qaçdı ol duni-siyəhru dövlətü iqbaldən, Öylə kim, şəhbaz vəhmindən fərar eylər qürab. Sayəsin toprağə saldı hər tərəfdən ol həsar, Salıcaq bir canibindən şö’leyi-xurşid tab. Sübhdəm paşayi-adildən münəvvər oldu mülk, Oldu zail zülməti-şəb saldı pərtöv afitab. Verdi mülkü malü cismü canına xalqın aman, Qıldı cənnət ol yeri, cənnətdə xud olmaz əzab. Yetmədən acizlərə qövğayi-ləşkərdən zərər, Bitəkəllüf xoş kəramətdir zərərsiz inqilab. Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. 11 Sərvəra, bədxah xaki-rəhgüzar olsun sana, Qanda kim, əzm eyləsən tövfiq yar olsun sana! Olmasın başından əskik padişahın sayəsi, Hirzi-dövlət sayeyi-Pərvərdigar olsun sana! Qılmasın lütfi nihan rə’yi-münirindən fələk, Hər nihani-lütf kim var, aşikar olsun sana! Çəkməsin şəmşirdən minnət səlahi-dövlətin, Müslihi-əhval dövri-ruzigar olsun sana! Fəth üçün hər qanda kim, dəprənsə əzmin rə’yəti, Düşməni-bədxah xarü xakisar olsun sana! Olmasın xamuş bağı-mədhinin bülbülləri, Daii-dövlət Füzulitək həzar olsun sana! Əvvəli-əzmində fəthi-mülkə nüsrət bulduğun, Mövcibi-təkmili-izzü e’tibar olsun sana! Hiç şək yox kim, bu nüsrət nüsrəti-islamdır, Padişahın mülkünə isbati-istehkamdır. * * * Əlhəmdü lillahilləzi xələqəs-səmavatil-üla الحمد لله الذی خلق السموات العلی K’andan tapar xaki-zəmin feyzi-bahari-dilgüşa. Bürhani-Həqdir, ey könül, hər nəstərən nisbətli gül, Sane’ olan mümkün degil, məsnu’idən olmaq cüda. Ta xətmi-əhvali-dərun ərz etdi əqli-zifünun, Mə’budə oldu rəhnümun, tapdı təriqi-ihtida. Sabit həqi gülnar edər, xaliq ki, yoxdan var edər, Bir kandan izhar edər min türfə lə’li-xoşnüma. Cəm’i-pərişan kim, itər, rəhbərləri sünbül yetər Kim, tirə torpaqdan bitər, eylər könüllər mübtəla. Həq məzhəridir hər çiçək, gər dutsan ey nəqqaş şək, Bir narvən şəklini çək, vergil ona nəşvü nəma. Xət verdi reyhan kim, yəqin bir Tanrı var, ey əhli-din, […] Dutmuş həqə nərgiz yüzün, açmış həqiqətbin gözün, Qılmış nəzər, görmüş özün sirri-həq ilə aşina. Bustanda gör nilufəri, dutmuş təriqi-bərtəri, Əzharın olmuş rəhbəri, gör onda əsrari-Xuda. Rahi-tələbdir biədəd, mə’budə ey əhli-xirəd, Gər istəsən qürbi-səməd, sədbərg olur rəhbər sana. Zinhar məhv ol hikmətə, baxqıl kəmali-qüdrətə, Nilufəri-xoşsurətə, gör kim verir abü həva. Gər olmasan mədhuştək, baxsan bir əhli-huştək, Həqqa ki, bərzənguş tək, təsbihxandır hər giya. Şah oldu minbər yeksərə, çıxdı kinufə minbərə, Səlvat edər Peyğəmbərə, səllüəla xeyrülvəra. Səhni-çəməndə ərğəvan, hər bərgini etmiş zəban, Təkrar eylə hər zəman mədhi-Əliyyül-Murtəza. Zaye keçirməz yasəmin ömri-lətifü nazənin, İxlas ilə eylər özün xaki-rəhi-Xeyrün-nisa. Türbə rəyahin sərbəsər kəsb etdi ətri-müşki-tər, Xülqi-Həsəndən bir əsər gülzarə göstərcək səba. Zahir qılır xunin kəfən, lalə qılır yüz parə tən, Dutar dönüb tərfi-çəmən, Şahi-şəhid içün əza. Abidsifət çəkməkdə qəm, olmuş bənövşə qəddi xəm, Guya qılır ol pak həm, Zeynəl-İbadə iqtida. Qəm dəf’i içün hər tərəf, gülşəndə çəkmiş səbzə səf, Baqir sənasində şəğəf bulmuş qılır virdi-səna. Feyzi-Həq etmiş arizu, çıxmış şəqayiq sürxru, Qılmış biəmri-Həq gülü Sadiqi qılmış pişiva. Qəhr ilə çərxi-lacivərd gər yasəmini qılsa zərd, Nə qəm çu görcək əhli-dərd, eylər ona Kazim dəva. Kəşf etməyə əsrari-Həq açmış səmən simin vərəq, Vermiş ona guya səbəq, elm içrə şahi-din Riza. Lö’bətsifət gör zənbəqi, gülzara vermiş rövnəqi, Olmuş həvaxahi-Təqi, kəsb eyləmiş ondan səfa. Məddahtək susən dili olmuş mədayih naqili, Mədhinin olmuş qaili, sultan Nəqiyyi-bəhr əta. Nəsrinin açıq dəftəri olmuş həqayiq məzhəri, Ondan sifati-Əskəri fəhm etmiş ərbabi-zəka. Vəqt oldu qönçə açıla, gül xürdəsin zahir qıla, Mehdi zühurini bilə, faş edə sirrini qəza. Hər yerdə ta novruz ola, gül busitanəfruz ola, Novruz tək firuz ola əyyami-şahi-övliya. Yə’ni güli-gülzari-can, Heydər imami-mö’minan, Ol kim, onadır bigüman, miskin Füzuli bir gəda. * * * Bir gün ki, cündi-şamilə cəng etdi asiman Bir gün ki, cündi-şamilə cəng etdi asiman, Oldu büruci-qəl’eyi-gərdunda çox qiran. Aldı əlinə tiğini Bəhrami-dadgər, Baruyi-çərxə çıxdı nəbərd etməyə həman. Hifz etməyə qila’ini qat-qat fələklərin, Ol gecə bami-çərxə Zühəl oldu pasiban. Ətrafi-kainatə xəbər qılmağa günəş, Od yaxdı övci-qəl’əyi gərdunə nagəhan. Top atmış idi qəl’əyi-gərdünə xeyli-Şam, Oldu livayi-xosrovi-xavər həman əyan. Mindi təkavəri-fələkə əzmi-rəzm edib, Oldu ədəm məmalikinə şəbrəvan rəvan. Sultani-sübh böylə yüzağlıq edərmidi, Gər olmasa pənahı vəziri-şəhi-cahan. Fehristi-karnameyi-təkvini-nöh sipehr, Məqsudi-karxaneyi-ibda’i-kün fəkan. Asəfsəfi-zəman, Süleymani-şərqü qərb, Sərəskəri-müdəbbirü paşayi-kamiran. Bu izzü şövkəti ki, sənə verdi Həq, şəha, Layiq önüncə olsa əgər Ərdəvan dəvan. Görsə məhabətini, əya Rüstəmi-dəqa, Qəhrindən istər idi sənin qəhrəman əman. Xəsmin qəfası qülleyi-Qaf olsa, filməsəl, Xürd edə zərbi-dəstin ilə şeşpəri-giran. Hinduyi-müqbil olmağa qapında dəmbədəm, Bir kətxudadürür sənə İskəndəri-zəman. Aldı qanadı atına gərdunu beyzəsan, Şəhbazi-himmətin ona ərş oldu aşiyan. Bənzətdi varsa kəndini rəxşi-cəlalinə Kim, çərxi-dunun üstünə yol sürdü kəhkəşan. İbrahim oldu adın, əya kani-mə’dələt, Bu fəqr atəşini mənə eylə gülsitan. Gülzari-mədhinə uçar ikən könül quşu, Can bülbülü bu şe’ri-təri oxudu həman. Ağzın hədisinə açamaz zərrəcə dəhan, Əsrari-təb’ə vaqif olan təb’i-xürdədan. Ey sərvi-xoşxuram, saqın, yoluna gəlir, Hər suyə su kimi gəl axıtma yaşım rəvan. Gözdən çıxalı gəlmədi heç eynimə yaşım, Mərdüm kimi kim, eyləyə kəndu yerində qan. Cami-səfayi sun dolu, ey piri-deyr kim, Bir ləhzə dövrün acılığın unudum həman. Məddah olalı sana, əya mö’təbər cənab, Oldu Füzuli ərseyi-nəzm içrə pəhləvan. Qaldım ayaqda qüssəvü möhnətdə, al əlim, Ey şəhsüvari-mə’rəkəyi-axirəzzəman. Rumun Kəmalıdır, der idi mana, xosrova, Görsə kəmali-qüdrətimi əhli-İsfəhan. Xətm eylə dastanı, şüru et duasinə, Tul etmə gəl hekayəti manəndi-qissəxan. Ta həlqeyi-sipəhrə hücum eyləyə nücum, Ta kim, niyami-şəbdə ola tiği-zərnişan, Taxıb kəmənd gərdəninə zərbi-dəstilə, Dövlət qapına xəsmi gətirə kəşan-kəşan. Nişani-feyzdir ol nüsrətü iqbal kim, hala Nə yanə əzm qılsa rəhbəri tə’yidi-Yəzdan. Dilü candan Füzuli izzü iqbalinə ol şahın, Rizayi-həqq üçün daim duaguyü sənaxan. Çü oldur hamiyi-islam, vacibdir onun mədhi, Nə kim, mədhindən özgə söyləmiş ondan peşiman. İlahi, baqi olsun daim insanpərvər iqbalı, Cahani-fani içrə ta bəqayi-növ’i-insan. * * * Mərsiyə dər həqqi-xamisi-ali-əba həzrəti-seyyidüş-şühəda Mahi-məhərrəm oldu şəfəqdən çıxıb hilal, Qılmış əza, töküb yüzə xun birlə əşki-al. Övladi-Müstəfayə mədəd qılmamış Fərat, Keçirməsinmi yerlərə anı bu infi’al. Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla, Əlbəttə çox hekayət olur mövcibi-məlal. İbrətlə bax, qəmi-şühəda şərhin etməyə Hər səbzə Kərbəladə açıbdır zəbani-hal. Təcdidi-matəmi-şühəda qıldı ruzigar, Zar ağla, ey könül, bugün olduqca ehtimal. Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl, Gərduni-duni guneyi-matəm siyah qıl. Mahi-məhərrəm oldu, məsərrət həramdır, Matəm bugün şəriətə bir ehtiramdır. Təcdidi-matəmi-şühəda nəf’siz degil, Qəflətsərayi-dəhrdə tənbihi-amdır. Qovğayi-Kərbəla xəbərin səhl sanma kim, Nəğzi-vəfayi-dəhrə dəlili-təmamdır. Hər zərrə əşk kim, tökülür zikri-Alilə, Səyyareyi-sipehri-ülüvvi-məqamdır. Hər məddi-ah kim, çəkilir Əhli-beyt üçün, Miftahi-rövzeyi-dəri-Darüs-səlamdır. Şad olmasın bu vaqiədə şad olan könül, Bir dəm bəlavü qüssədən azad olan könül. Tədbiri-qətli-Ali-Əba qıldın, ey fələk, Fikri-qələt, xəyali-xəta qıldın, ey fələk. Bərqi-səhabi-hadisədən tiğlər çəkib, Bir-bir həvaleyi-şühəda qıldın, ey fələk. İsmət hərəmsərasinə hörmət rəva ikən, Pamali-xəsmi-bisərü pa qıldın, ey fələk. Səhrayi-Kərbəladə olan təşnələblərə Rigi-rəvani seyli-bəla qıldın, ey fələk. Təxfifi-qədri-şər’dən əndişə qılmadın, Övladi-Müstəfayə cəfa qıldın, ey fələk. Bir rəhm qılmadın cigəri qan olanlara, Qürbətdə ruzigari pərişan olanlara. Basdıqda Kərbəlayə qədəm şahi-Kərbəla, Oldu nişani-tiri-sitəm şahi-Kərbəla. Düşmən oxuna qeyr sipər görməyib rəva, Yaxmışdı canə daği-ələm şahi-Kərbəla. Dudi-dili-püratəşi əhli-nəzarədən Etmişdi pərdədari-hərəm şahi-Kərbəla. Olduqca ömrü rahəti-dil görməyib dəmi, Olmuş həmişə həmdəmi-qəm şahi-Kərbəla. Ə’da müqabilində çəkəndə səfi-sipah, Qılmışdı məddi-ahi ələm şahi-Kərbəla. Ya şahi-Kərbəla, nə rəva bunca qəm sənə, Dərdi-dəmadəmü ələmi-dəmbədəm sənə. Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn, Vey Kərbəla bəlalərinə mübtəla Hüseyn. Qəm parə-parə bağrını yandırdı dağilə, Ey laleyi-hədiqəyi-Ali-Əba Hüseyn. Tiği-cəfa ilə bədənin oldu çak-çak, Ey bustani-səbzeyi-tiği-cəfa Hüseyn. Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr, Ey şəm’i-bəzmi-bargəhi-kibriya Hüseyn. Dövri-fələk içirdi sənə kasə-kasə qan, Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn. Yad et, Füzuli, Ali-Əba halin, eylə ah Kim, bərqi-ahilə yaxılır xərməni-günah. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fuzuli-qesideler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.