Qəzəllər Məhəmməd Füzuli (1494–1556) Aftabi-tələtin tutduqca övci-irtifa Aftabi-təl’ətin tutduqca övci-irtifa’, Qətli-əhli-eşqə tiği-qəmzədir ondan şüa’. Dəşt tutmaq adətin qoymuşdu Məcnun eşqdə, Şöhreyi-şəhr olmağın rəsmin mən etdim ixtira’. Zərq dəryasında bir xaşakdır kim, cizginir Sufiyi-şəyyad kim, dövran tutub eylər sima’. Keçdigim dünyavü üqbadən səninçün oldu faş, Doğru derlər: "küllü sirrin cavəzəl-isneyni şa’". Ol büti-sərkəş gəlir, salmış cəmalından niqab, Ey səlamət əl-firaq, ey əqlü iman, əlvida. Canü dil bir ömrdür tiğinçün eylərlər cədəl, Girmədən tiğin sənin ortayə, qət’ olmaz niza’. Ey Füzuli, axirət mülkünə lazımdır səfər, Böylə fariğ, təqvadən mühəyya qıl məta’. * * * Aldı gülzar içrə su əksi-üzari-alini Aldı gülzar içrə su əksi-üzari-alini, Çəkdi güllər surətin mənzur edib timsalini. Adın etmiş gün, alıb bir əks mirati-fələk, Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini. Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək, Ol mələk kim, yazmaq istər nameyi-əmalini. Seyli-xun xalın xəyalilə pozub göz mərdümün, Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini. Mürği-dil qalmadı kim, seyd olmadı, ey şux çeşm, Sakin et pərvazdən şəhbazi-mişginbalini. Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi, Mən qıl xunrizlikdən qəmzeyi-qəttalini. Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah! Lütf qıl, məndən götürmə sayeyi-iqbalini. Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın sənin, Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini. * * * Arizin görsə fələk, mehr buraxmaz ayə Arizin görsə fələk, mehr buraxmaz ayə Zərrə, zərrə qılıb onu buraxar səhrayə. Surətin əksin alıb, bağə girər hərdəm su, Rəşkdən qan içirər bərgi-güli-rənayə. Yeridir əksinə ayinə dəmir bənd ursa, Nə üçün qarşı durur sən kimi bihəmtayə. Bulduğu yerdə həsəddən gün urar sayənə tiğ Ki, rəfiq olmaya sən mahi-mələksimayə. Oxa peykan dikilir qəmzən üçün peyvəstə Toxunur tənə oxu qaşın ucundan yayə. Ləli-nabın sifəti, şəhdi-müsəffadır, leyk Acı etmiş onu səfrayi-həsəd səhbayə. Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb, Necə meyl etmək olur sən kimi bir rüsvayə. * * * Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə Bağə gir bülbülə ərzi-güli-rüxsar eylə, Yıq gülün irzini bülbül gözünə xar eylə. Bağ şahidlərinə zülf ilə çeşmin göstər, Sünbülü dərhəm edib, nərgisi bimar eylə. Qönçəyə lafi-lətafətdə ağız açdırma, Ləhzə-ləhzə onu şərməndeyi-köftar eylə. Sərvə azadəlik ismilə yaraşmaz yürümək, Onu həm şiveyi-rəftarə giriftar eylə. Dari-dünyanı könül, cəhd qılıb tərk edə gör, Xabi-qəflətdə ikən özünü bidar eylə. A ciyər zəxmi, ağız açma xədəngin görübən, Yetənə razi-nihanım, yetər, izhar eylə. Kəs, Füzuli, təməin qeyr təmənnalərdən, Qanda olsan tələbi-dövləti-didar eylə. * * * Bağə girdim, səri-kuyin anıb əfğan etdim Bağə girdim, səri-kuyin anıb əfğan etdim, Gül görüb, yadın ilə çaki-giriban etdim. Baxuban nərgisə, əyyar gözün qıldım yad, Nərgisi naləvü əfğanıma heyran etdim. Qönçəvü lalə demə, dağ qarasın qoparıb, Alü alayə sarıb səbzədə pünhan etdim. Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim, Gözümü şövqi-cəmalında dürəfşan etdim. Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm, Neçə yaprağə ciyər qanı silib, qan etdim. Görücək sünbülü, andım şikəni-kakilini, Sünbülü giryəvü ahilə pərişan etdim. Ey Füzuli, rəvişi-əql məlul etdi məni, Səhv qıldım ki, cünun dərdinə dərman etdim. * * * Bari-möhnətdən nihali-qamətin xəm olmasın Bari-möhnətdən nihali-qamətin xəm olmasın. Başımızdan sayeyi-sərvi-qədin kəm olmasın. Hasilim rüxsarü ləlü çeşmü qəmzən olmasa, Ömr bir an, bir nəfəs, bir ləhzə, bir dəm olmasın. Gərdi-rahin əzmi-gərdun etdi kim, bu qədr ilə Şöhreyi-aləm həmin İsayi-Məryəm olmasın. İltimas etdim səbadən tutiya çəkdirməyə, Ağlama, ey göz, qübari-dərgəhi nəm olmasın. Sən tək afət gəldiyin bilmişdi kim, həqdən mələk İltimas eylərdi kim, aləmdə Adəm olmasın. Der imiş zahid ki, olmaq eybdir rüsvayi-eşq, Bu sözü faş etməsin, rüsvayi-aləm olmasın. Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir, Ehtiyat et, pənbeyi-dağində mərhəm olmasın. * * * Batalı qanə oxun dideyi-giryan içrə Batalı qanə oxun dideyi-giryan içrə, Bir əlifdir sanasan kim, yazılar qan içrə. Yeridir, sineyi-suzanıma gülxən desələr, Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə. Canı tən içrə nə saxlardım əgər bilsə idim Ki, deyil gizli qəmi-ləli-ləbin can içrə. Ala gör oxlarını didələrimdən, ey dil, Heyfdir, olmaya nagəh itə müjgan içrə. Çak könlüm arasında yaraşır peykanın, İqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə. Qəddinə sərv demiş, qönçələrin tənindən Duramaz badi-səba hiç gülüstan içrə. Ey Füzuli, kimə suzi-dilimi şərh qılım, Yox mənim kimi yanan atəşi-hicran içrə. * * * Bəs ki, zəfi-ruzədən hər gün bulur təğyiri-hal Bəs ki, zə’fi-ruzədən hər gün bulur təğyiri-hal, Olacaqdır eyd üçün mahi-təmamim bir hilal. Qıldı mahi-ruzə xurşidimi gün-gündən zəif, Zərrə-zərrə ayə, san gün nuri eylər intiqal. Bir xəyal etmişmi zə’fi-ruzə yarı, bilməzəm, Yoqsa yarı görməyib, mən gördügümdür bir xəyal. Tuta bilsəydim, su içməzdim, qılırdım dəf’ini, Ruzənin kim, göz görə xurşidimə istər zəval. Ay tutulsun, ruzə əyyamında gün düşsün yerə Kim, bu ay, gündən bulubdur mehriban mahim məlal. Qanımı içmək dilər ol lə’li-meygun hər gecə, Ruzə tutmuş qaliba, iftar içün istər həlal. Yemək-içmək fikrin əhli-ruzədən kəs, ey günəş, Bir səvab et, sübhlər ta şam qıl ərzi-cəmal. Ruzə təklifin Füzulidən götür, ey möhtəsib, Natəvandır, onda bu təklifə yoxdur ehtimal. * * * Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun, Qıldı qəm, qəddim büküb, cami-şərabım sərnigun. Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə, Ya havadan mövc urur bağrımdakı dəryayi-xun. Artırır əyyami-hicranın sirişkim hiddətin, Müddəti-əyyam mey keyfiyyətin eylər füzun. Məskən etmiş yar mari-zülfü, çeşmim rəxnəsin, Pənd vermiş kim, onu, ondan çıxarmaz min füsun. Qəti-ülfət, qaliba, düşvardır kim, eyləmiş Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun. Rişteyi-can eylədim peyvənd tari-zülfinə, Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun. Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm, Əjdahadır kim, yatır çevrəmdə zənciri-cünun. * * * Bir qul oğılani könül mülkünə sultan etdim Bir qul oğılani könül mülkünə sultan etdim, Misr idi, padişəhin Yusifi-Kən’an etdim. Dil ki, bir dilbərə sərmənzil idi, ahim ilə Yelə verdim, adını təxti-Süleyman etdim. Eşq tərki, dilü candan görünürdü müşkil, Tərki-eşq eylə dedin, tərki-dilü can etdim. Can qəmin çəkmiş idi, var idi boynumda həqi Bu onun əcri idi kim, sənə qurban etdim. Rəhi-eşqin tutub, etdim qəmü dərdim dəf’in, Görə nə cəm’i bu təriq ilə pərişan etdim. Sənə tapşırdığm oxlarını yaqdın, ey dil, Zaye’ etdin nə qədər kim, sənə, ehsan etdim. Səbzə tək qıldı Füzuli, çıxarıb əşk əyan, Tən qübarində oxun hər necə pünhan etdim. * * * Canə basdım qönçəvəş peykanını, ey tazə gül Canə basdım qönçəvəş peykanını, ey tazə gül, Dözmək içün hicrinə düzdüm dəmirdən bir könül. Vəh nə sairsən ki, oddan su çıxardın, sudan od, Tərlədib rüxsarını gül-gül qılanda tabi-mül. Yandırıb əczayi-tərkibim, külüm verəsən yelə, Yox yolundan dönməgim, varım sənindir cüzvi küll. Mərdümi-çeşmim yığar navəklərin mümkün sanır Ol ağaclar birlə tutmaq əşk dəryasinə pül. Ey könül, lövhi-əməl nəqşi-bəqadən sadədir, Fani etmə ömrün ol sevdadə kim, baqi degül. Surətaray olma, təhsili-kəmali-mə’ni et Kim, bəhayim növ’ün etməz adəmi zərbəft çül. Nola dersəm qədr ilə əfzun Məsihadən səni, Yerü göy mizan olub fərq olmuş ağrdan yünül. Atəşi-dil öylə suzandır ki, basmaz hiç kim, Rəhm edib navəklərindən özgə zəxmim üzrə kül. Hasilin əvvəl qəmi-canandı axir təki-can, Bu imiş qismət, Füzuli, xah ağıla, xah gül. * * * Canlar verib, sənin kimi cananə yetmişəm Canlar verib, sənin kimi cananə yetmişəm, Rəhm eylə kim, yetincə sənə canə yetmişəm. Şükraneyi-vüsalinə can verdigim bu kim, Çox dərd çəkmişəm ki, bu dərmanə yetmişəm. Halım deyib, muradıma yetsəm əcəb degil, Bir bəndəyəm ki, dərgəhi-sultanə yetmişəm. Muri-mühəqqərəm ki, sərasimə çox gəzib, Nagah barigahi-Süleymanə yetmişəm. Bir bülbüləm ki, gülşən olubdur nişimənim, Ya tutiyəm ki, bir şəkəristanə yetmişəm. Dövri-fələk müyəssər edibdir muradımı, Guya ki, talibi-gühərəm, kanə yetmişəm. Miskin Füzuliyəm ki, sənə tutmuşam üzüm, Ya bir kəminə qətrə ki, ümmanə yetmişəm. * * * Can verir rayiheyi-türbəti-pakin, ey tak Can verir rayiheyi-türbəti-pakin, ey tak, Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak. Hörmət etdin meyə, tə’zim ilə tutdun, saqi, Əzzəm-Əllahu ləkəl-əcrə ələllahi cəzak. Səri-kuyində qəribiz, bizə bir munis yox, Talə ma anəsənəl-qəlbu, cəəlnahu fədak. Səfheyi-dildə bulunmaz əsəri-surəti-qeyr, Hinə ma həllə, nəfil-ğeyrə ənil-qəlbi həvak. Rəhi-eşqində götür qeyrdən, ey dil, rəğıbət, Fəiza şi’tə rəfiqən, ələmül-eşqi kəfak. Xabi-qəflətdə, könül, vəsldən oldun məhrum, Fazə mən nalə ila vəslihi, ma xabə sivak. Ey Füzuli, nə bilir əhli-vərə’ mey zövqin, Ənkərəl-hikmətə mən laməkə cəhlən və nəhak. * * * Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş! Ehtiyat et, yanmasın nagəh quru odunda yaş. Xoş keçər nəzzareyi-hüsnünlə ömrüm, var ümid Kim, edib məqbuli-dərgahın məni hüsni-məaş. Tövfi-kuyində ayaqdan başə irmiş bir mədəd, Nola gər qəddim büküb hərdəm, ayağm olsa baş. Fitnə yayın qurmağa atəşmi olmuş ehtiyac Kim, urarsan aləmə atəş, çatıb peyvəstə qaş. Ey hübabi-əşk, nayab et təni-üryanımı Kim, bu rüsva pərdəmi çak etdi, sirrim qıldı faş. Parə-parə könlümün suzi-dərunə tabı yox, Göz yolundan qətrə-qətrə qan olub, çıxsaydı kaş. Ey Füzuli, qərqi-xunab etdi göz mərdümlərin, Görəyim qüllabi-müjganə urulsun qanlı yaş. * * * Çərx hər ay başına salmış qaşından bir xəyal Çərx hər ay başına salmış qaşından bir xəyal, Bu cəhətdəndir hər ay başında olmaq bir hilal. Mahi-növ olmuş qaşın sevdasının sərgəştəsi, Şəhrdən şəhrə gəzər avarələr tək mahü sal. Etdigiçün hüsnünə qarşu kəmal izharı gün Bir gün olmaz kim, ona gərdun yetirməz bir zəval. Sübh qıldın cilvə, gün çəkdi özün bu guşəyə, Şam ərz etdin, rüxün şəm’i əritdi infial. Qılma gözdən çöhrəvü xalın nihan kim, qılmaya Dudi-ahim afitabi çöhreyi-gərdunə xal. Olmuyub məqbuli-xaki-dərgəhin mahi-təmam, Zə’fi-tale’ verdi gün-gündən ona təğyiri-hal. Ey Füzuli, mah nisbət məhv qıl varın təmam, Gər dilərsən bulmaq ol xurşid birlə ittisal. * * * Demiş hər qönçəyə aşiqligim razın səba derlər Demiş hər qönçəyə aşiqligim razın səba derlər, El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər. Əsiri-dərdi-eşqü məsti-cami-hüsn çox əmma Bizüz məşhur olan, Leyli sənə, Məcnun mana derlər. Sənin mehrü vəfa göstərdigin əğyarə çox gördüm, Qələtdir kim, səni bimehr oxurlar, bivəfa derlər. Sənə derlər büti-Çin, zülfünə zünnar söylərlər, Zəhi imanı yoxlar küff söylərlər, xəta derlər. Mənə derlərdi əvvəl: bir mələkdir sevdigin, hala Görənlər, mən fəqirə göydən enmiş bir bəla, derlər. Mərizi-eşq iqdi-zülfün eylər arizu, zira Müaliclər bu mühlik dərdə müşkildir dəva derlər. Füzuli, aşiqə onlar ki, derlər tərki-eşq eylə, Deməzlərmi xəta, təğyir qıl hökmi-qəza, derlər. * * * Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək Ey könül, çox seyr qılma, günbədi-dəvvar tək, Sakin olmaq seyrdən yey, nöqteyi-pərgar tək. Ün verir can riştəsi, xəm qamətimdən çəksəm ah, Yel dəgib çəng üstidə, avazə gəlmiş tar tək. Sinəmi ney oxların dəldi dəm urduqca könül, Ün verir hər bir dəlikdən nalə musiqar tək. Arizin üstə xəmi-zülfün anıb, dün ta səhər, Dolanırdım hər tərəf odlarə düşmüş mar tək. Cismi-zarım tiği-bidadindən oldu çak-çak, Tünd sudən rəxnələr peyda qılan divar tək. Bilməyib behbudimi cövründən etdim ictinab, Təlx şərbətlərdən ikrah eyləyən bimar tək. Xatirin cəm’ eylədin, əhli-vəfa könlün pozub, Bir imarət yapmağa min ev yıxan me’mar tək. Bibəqadır nəş’eyi-mey, zövqin etdim imtəhan, Hiç zövqi-baqi olmaz nəş’eyi-didar tək. Ey Füzuli, xatiri-əhli-səfa ayinədir, Çərx cövründən əsər, ayinədə jəngar tək. * * * Ey məh, mənimlə dustlərim düşmən eylədin Ey məh, mənimlə dustlərim düşmən eylədin, Düşmən həm eyləməz bu işi kim, sən eylədin. Peykanlarınla doldu tənim, afərin sənə Bidad çəkməyə tənimi ahən eylədin. Təhsin sənə ki, könlüm evin tirə qoymadın, Hər zəxmi-navəkin ona bir rövzən eylədin. Olsun ziyadə rif’ətin, ey ahi-atəşin, Möhnətsəramizi bu gecə rövşən eylədin. Əksilməsin təravətim, ey əşki-laləgun, Gül-gül damıb məqamımızı gülşən eylədin. Can çıxsa, mənzil etməyə ev tut hübabdən, Ey göz yaşı ki, qəsdi-binayi-tən eylədin. Mümkün degil, Füzuli, cahanda iqamətin, Bihudə sən bu mərhələdə məskən eylədin. * * * Ey xədəngi-qəminə sineyi-əhbab hədəf Ey xədəngi-qəminə sineyi-əhbab hədəf, Müntəzir xəncəri-müjganinə canlar səf-səf. Xaki-dərgahinə hər sübh sürər gün üzünü, Qaliba ondan ona hasil olubdur bu şərəf. Haşə lilləh ki, bu divaneyi-şövqi-xətinə Səbəbi-qeyd ola, zənciri-süturi-müshəf. Saldı dəryayə səba xəncəri-qəmzən vəhmin Ki, çıxarmayə dəxi gövhəri-nasüftə sədəf. Ey könül, aləmə aldanma, sənə rəng verir, Xakdir kim, onu gəh lə’l qılır, gah xəzəf. Bəzmi-Cəmşid fəna bulmaq ilə bildim kim, Dövr cövründən imiş, növheyi-ney, naleyi-dəf. Ey Füzuli, tələbi-rütbeyi-irfan eylə, Cəhl ilə hasili-övqati-şərif etmə tələf. * * * Əksi-rüxsarın ilə oldu müzəyyən mirat Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at, Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat. Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər, Can içində əlif etsəydi qəbuli-hərəkat. Xət bu məzmun ilədir tərfi-zənəxdanında Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat. Kakilin qıldı müqərrər mənə sərgəştəliyi, Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat. Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə, Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat. Afərin cövhəri-məqbulinə kim, aləmdə Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat. Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun, Bilmədin halını, bihudə keçirdin ovqat. * * * Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim Faş qıldın qəmim, ey dideyi-xunbar, mənim! Eylədin mərdümə nəm olduğun izhar mənim. Dəhənin istərəm, ey eşq, yox et varlığm Ki, yox olmaqda bu gün bir qərəzim var mənim. Çıxmış əğyar ilə seyr etməyə ol mərdümi-çeşm, Bu əcəb, mərdümi çıxmış gözüm ağılar mənim. Bu təmənnadə ki, ol şəm’ ilə həmsöhbət olam, Dudi-ah etdi dünüm tək günümü tar mənim. Mövc ilə könlümü, ey əşk, qopar yanımdan, Nalə ilə başım ağrıtdı bu bimar mənim. Çıxmış ol şux bu gün tökməyə qanın görənin, Girmə ey göz, kərəm et, qanıma, zinhar mənim. Ey Füzuli, dərü divarə qəmim yazmaqdan Şahidi-hali-dilimdir dərü divar mənim. * * * Gəl, ey rahət sanan əsbab cəmin, qılma nadanlıq Gəl, ey rahət sanan əsbab cəm’in, qılma nadanlıq, Təriqi-fəqr tut kim, fəqr imiş aləmdə sultanlıq. Murad ər səltənətdən kami-dildir, nəfsə tabe’ sən, Nə hasil səltənət adilə qılmaq bəndəfərmanlıq. Pərişanlıqdan, ey xəlqi-cahan, siz cəm edin xatir Ki, mən cəm eylədim hər qanda vardır bir pərişanlıq. Nə tale’dir bu kim, aləmdə ağaz etmədim bir iş Kim, ol işdən sərəncam etmədim, hasil peşimanlıq. Mənə zülmi-sərih ol kafər eylər, kimsə mən’ etməz, Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq? * * * Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd Gərmdir şamü səhər mehrinlə çərxi-lacivərd, Gəh sirişki-al edər izharü gəh rüxsari-zərd. Sübhə bənzər aşiqi-sadiq, demən aləmdə kim, Bir nəfəs keçməz ki, çəkməz suzi-dildən ahi-sərd. Yaxşı sanma, ey könül, əhli-xirəd ətvarını, Olma qafil, eşq dərdindən, yaman olmaz bu dərd. Mümkün olduqca fələk mənsubəsindən qıl həzər, Nişə kim, xali degil bidad nəqşindən bu nərd. Zülməti-qəm iztirabin çəkməz ol azadə kim, Hər təəllüqdən ola xurşid tək aləmdə fərd. Ey Füzuli, kəsmə ol məhvəş vüsalindən ümid, Səbr qıl kim, dövr dövranı degil bihudəgərd. * * * Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil Hiç sünbül sünbüli-zülfün kimi mişkin degil, Nafeyi-Çini saçın tək derlər, əmma çin degil. Var gül bərgində həm əlhəq, nəzakət birlə rəng, Leyk, canpərvər ləbi-lə’lin kimi şirin degil. Mehriban derlər səni əğyarə, lakin mən ona Bavər etmən kim, sənə mehr eyləmək ayin degil. Xublər mehrabi-əbrusinə qılmazsan sücud, Dinini döndərgil, ey zahid, ki, yaxşı din degil. Ta Füzuli qamətü rüxsarına vermiş könül, Maili-sərvü həvaxahi-gülü nəsrin degil. * * * Hər hübabi-əşkimə bir əks salmış peykərim Hər hübabi-əşkimə bir əks salmış peykərim, Şahi-mülki-möhnətəm, tutmuş cahani ləşkərim. Əhli-qədrəm yanalı eşq oduna pərvanəvəş, Sürmeyi-çeşm eyləmişlər şəm’lər xakistərim. Cismimi yaqdınsa, pamal etmə könlümdən, saqın, Gülxənəm, əksik degil xakistərimdə əxgərim. Eşq sərgərdaniyəm, köksümdə min-min dağılər, Bir sipehri-sairəm, sabit cəmii-əxtərim. Çeşm tari-cismimə düzmüşdü əşkim gövhərin, Ah kim, çərx üzmüş ol tari, dağılmış gövhərim. Nola hər saət od üstündə durarsam dud tək, Udi-bəzmi-eşqəm, atəşdir büsatü bəstərim. Ey Füzuli, çox məlamətdən məni mən’ etmə kim, Mən nihali-gülşəni-dərdəm, məlamətdir bərim. * * * Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə, Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə! Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid, Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə! Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında, Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə! Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid, Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə! Sənin nazın görəndə əql qalmaz həsbətən lillah, Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə! Yolunda intizari-məqdəminlə xak olan çoxdur, Xüram et bir qədəm, min xakisari sərfəraz eylə! Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən, Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə! * * * Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş, Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş. Götürmüş xakdən tüğyani-əşkim xarü xaşaki, Başım üzrə məlamət quşlariçün aşiyan etmiş. Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can, Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş. Səninlə də’viyi-hüsn etdigiçün mülki-hüsn içrə, Fələk tə’zir edib Leylini rüsvayi-cəhan etmiş. Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndir Ki, durmuş xakdən qədrilə əzmi-asiman etmiş. Gəzən peykanlarındır təndə, ya can bağinə eşqin Bəla sərçeşməsindən hər tərəf sular rəvan etmiş. Füzulidən mizacın münhərif gördüm bu gün yarın, Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş? * * * Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz, Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz. Artıran söz qədrini sidqilə qədrin artırar, Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz. Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl, Edə hər saət səni ol uyqudan bidar söz. Bir nigari-ənbərinxətdir könüllər almağa, Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz. Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər Rişteyi-izharə min-min gövhəri-əsrar söz. Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz. Gər çox istərsən, Füzuli, izzətin, az et sözü Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. * * * Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz Xəlqə xublardan vüsali-rahətəfzadır qərəz, Aşiqə ancaq təsərrüfsüz təmaşadır qərəz. Zahida, tərk etmə şahidlər vüsali-rahətin, Gər ibadətdən həmin qilmanü huradır qərəz. Hurü kövsərdən ki, derlər rövzeyi-rizvanda var, Saqiyi-gülçöhrəvü cami-müsəffadır qərəz. Zövqsüz lazım çıxar dünyadan ol dünyapərəst Kim, ona dünyadan ancaq zövqi-dünyadır qərəz. Rahət olsaydı qərəz, dünyadə fəqr istərdi xəlq, Qaliba kim, xəlqə bir bihudə qovğadır qərəz. Arif ol, sövdayi-eşq inkarın etmə, ey həkim Kim, vücudi-xəlqdən ancaq bu sevdadır qərəz. Qıl Füzuli, tərk ibrami-təkəllüm kim, yetər, Surəti-halın, gər izhari-təmənnadır qərəz. * * * Xəm qədilə ağılaram ol türreyi-tərrarsız Xəm qədilə ağılaram ol türreyi-tərrarsız, Gərçi derlər çəngdən çıxmaz tərənnüm tarsız. Sineyi-çakimdən əksik etmə tiri-qəmzəni, Ey güli-rə’na, bilirsən kim, gül olmaz xarsız. Saxlamazdım navəkin gözdə, bəlasın çəkməsəm, Su verib ol nəxli bəslərdimmi olsa barsız? Yol azarsan zülməti-heyrətdə, ey dil, vaqif ol, Zinhar, ol kuyə varma ahi-atəşbarsız. Giryəyi-zar ilə xoşhaləm ki, bəhri-eşqdə, Əşksiz göz bir sədəfdir, lö’löi-şəhvarsız. Canə azari-xədəngin xoş gəlir, ey qaşı yay, Bir sifariş qıl ki, bizdən ötməsin azarsız. Zöhddən keçməz Füzuli, eyləməz tərki-riya, Pənd çox verdim, eşitməz arsızdır, arsız. * * * Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim Xoş ol zaman ki, hərimi-vüsalə məhrəm idim, Nə mübtəlayi-bəla, müğəyyədi-ğəm idim. Gəzərdim itlərin içrə fəzayi-kuyində, Yerim behişti-bərin idi, mən də bir adəm idim. Həmişə səcdəgahim xaki-asitanın idi, Bu etibar ilə bir sərbüləndi-aləm idim. Gədayi-kuyin idim, böylə zillətim yox idi, Səriri-səltənəti-qürbdə müəzzəm idim. Zaman-zaman əsəri-pərtövi-cəmalindən Müalici-dili-pürdərdü çeşmi-pürnəm idim. Ziyadə qəmzədəyəm hicr ilə, xoş ol günlər Ki, mən bu qəmzədəlikdən ziyadə xürrəm idim. Füzuli, olmaz imiş möhnəti-fərağə müfid, Bu zövqi-zikr ki, bir vəqt yarə həmdəm idim. * * * Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın Ləbin rəşki mizacın təlx qıldı badeyi-nabın, Qaşın meyli üzini qiblədən döndərdi mehrabın. Girehlər oldu canım riştəsi təsbih tari tək, Mənə gör netdi axır arizuyi-zülfi-pürtabın. Ayağın tozuna üz sürməyə verməz səba rüxsət, Üzün yüz kərrə şəbnəm yumadan, gülbərgi-sirabın. Səba, ol zülf təprəndikcə təşvişim ziyad eylər, Saqın, təprətmə kim, bağrımdadır başı bu qüllabın. Dərü divarinə küstax üz sürmüş deyib, gərdun Üzini gecələr sürtər yerə ta sübh mehtabın. Məhəbbət zahir etmək cürminə, qan tökmək istərsən, Həbibim, bunca həm rəğıbət nədir zəcrinə əhbabın! Füzuli qəmzeyi-mərdümküşindən iltifat istər, Sanır kim, iltifatı rəhm olur qurbanə qəssabın. * * * Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır Mənim kim, bir ləbi-xəndan üçün giryanlığm vardır, Pərişan türrələr dövründə sərgərdanlığm vardır. Yaşım təxti-rəvandır, taci-zərrin şö’leyi-ahim, Görün kim, dövləti-eşq ilə nə sultanlığm vardır? Yumulmaz əşk tüğyanından ansız çeşmi-xunbarım, Xəyali-surəti-cananə xoş heyranlığm vardır. Sirişkim gör, məni, ey əbr, özündən kəm xəyal etmə, Həvayi-eşq ilə min səncə əşkəfşanlığm vardır. Ləbin dövründə kim, insan olan can der ona mütləq Əgər abi-həyat etsəm tələb, heyvanlığm vardır. Füzuli cami-mey tərkin qılıb, zöhd ilə təqvadən Qamu danayə rövşəndir bu, kim, nadanlığm vardır. * * * Ol mah vüsalilə xoş et bir gecə halim Ol mah vüsalilə xoş et bir gecə halim, Ey əxtəri-tale’ qoma boynunda vəbalim! Fəryad ki, bər vermədi bidaddən özgə, Göz yaşı ilə bəslədigim türfə nihalim. Sınmış müjə tək, xəlq gözündən axıdır yaş, Nəzzareyi-zə’fi-bədəni-muymisalim. Ol şəm’ xəyalilə xoşam, ola ki, daim, Bu surət ilə cizginə fanusi-xəyalim. Suzandır odumdan tənimə sancılan oxlar, Pərvanəyəm, ey şəm’, tutuşmuş pərü balim. Saqi, qəmi-dövran ilə qayətdə məluləm, Bir cami-fərəhbəxş ilə dəf’ eylə məlalim. Lütf eylə, Füzuli, mənim əhvalımı ərz et Ol sərvə ki, söyləşməyə qalmadı məcalim. * * * Olmaz oldu görüb əhvalımı el xublara aşiq Olmaz oldu görüb əhvalımı el xublara aşiq, Eşq nəhyində bu rüsvalığ gör şər’ə müvafiq. Gəlir olsan, qılaram fərşi-rəhin pərdeyi-çeşm, Dəxi nəm var, əzizim, gözə qarşı sənə layiq? Gülüb açılmaq umulmaz dəhənindən, məgər oldur, Cüzv kim, ləyatəcəzza1 der ona əhli-dəqayiq. Bağrımın parələrin gözlərin asmış müjələrdən, Mərdümi-guşənişin, qandanü qandan bu əlayiq? Gecələr şəm’ yanar, əşk tökər sübh gəlincə, Can verir sübh gələn dəmdə, zəhi aşiqi-sadiq. Sibqət etmişdi cigər qanı, gözüm yaşına bir dəm, Eşq hökm etdi, yenə cari ola adəti-sabiq. Ey Füzuli, özünü guşənişin et xümi-mey tək, Ola nagəh olasan kaşifi-əsrari-həqayiq. * * * Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil Rəhrövi-irfanə bəsdir sağərü saqi dəlil Kim, məhü xürşiddən bulmuş təmənnasın Xəlil. Olsa iste’dadi-arif qabili-idraki-vəhy, Əmri-həq irsalına hər zərrədir bir Cəbrəil. Hər kimin təqdirdən məqsudi öz qədrincədir, Əhli-eşq istər zülali-vəsl, zahid Səlsəbil. Cənnətə zahid bilir can vermədən yetməz, vəli, Canə qımaz, öz təmənnasındadır miskin bəxil. Ey qılan izhari-zillət, müjdeyi-izzət sənə Kim, bu dərgəhdə müqərrərdir əziz olmaq zəlil. Və’deyi-vəslin məni salmış xəyali-zülfünə Kim, dilər tuli-əməl sərmayeyi-əmri-təvil. Ey Füzuli, xublər zikri-cəmalilə xoşam, Şükr kim, kəsb etmişəm aləmdə bir zikri-cəmil. * * * Səbrim alıb fələk, mənə yüz min bəla verər Səbrim alıb fələk, mənə yüz min bəla verər, Az olsa bir məta’, ona el çox bəha verər. Düşdüm bəlayi-eşqə, xirədməndi-əsr ikən, El şimdi məndən aldığ pəndi mana verər. Sanmın əcəb, rütəb yerinə versə lə’li-tər Nəxli ki, qan yaşım ona nəşvü nəma verər. Xaki-dərindir ol ki, dünü gün səvab üçün, Həm ayə sürmə, həm günəşə tutiya verər. Qılmaz qəbul surəti-iqbal bunca kim, Ayineyi-vücuduma cövrin cila verər. Ney kimi cismim oldu oxundan dəlik-dəlik, Dəm urduğumca yerli-yerindən səda verər. Hər dərdsizdən umma, Füzuli, dəvayi-dərd, Səbr eylə, kim ki, dərd veribdir, dəva verər. * * * Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim, Xah mö’min, xah kafər tut, budur dinim mənim. Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim, Ol qədü rüxsardir şümşadü nəsrinim mənim. Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk, Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim. Əşk mövci gəzdirir hər yan tənim xaşakini, Mümkün olmaz əşk təhrikilə təskinim mənim. Çarə umdum lə’li-şirinindən əşki-təlximə, Təlx göftar ilə aldın cani-şirinim mənim. Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib, Ondan artıqdır məgər eşq içrə təmkinim mənim? Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə, Bu yetər əhli-məlamət içrə təhsinim mənim. * * * Səgridir cilvəyə ol sərv səməndin yenəməz Səgridir cilvəyə ol sərv səməndin yenəməz, Kim onu görsə fəğan etməyə kəndin yenəməz. Gərçi şümşad lətafətdə çəkibdir gögə baş, Naz bəhsində onun sərvi-büləndin yenəməz. Eylə divanəligə düşdü könül kim, dildar Salsa gər boynuna həm zülfi-kəməndin yenəməz. Qaça bilməz dili-divanə saçın qeydindən, Netsin, ol vəhşi ayağındakı bəndin yenəməz. Edəməz mən’ Füzulini qədəhdən zahid, Hiç kim kuyi-xərabat ləvəndin yenəməz. * * * Sən üzündən aləmi rövşən qılıb saldın niqab Sən üzündən aləmi rövşən qılıb saldın niqab, Yazıya salsın bu gündən böylə nurin afitab. Sən nə nuri-paksən, ey məzhəri-sün’i-ilah, Kim, alır şəm’i-rüxündən nur mehrü mahitab. Əks ruyin suya salmış sayə, zülfün toprağa, Ənbər etmiş toprağın adın, suyun ismin gülab. Yeldə bulmuş buyi-zülfün, suda əksi-arizin Kim, yeli bağrına basıb, suya göz dikmiş hübab. Lə’lgun meydir əlində sağəri-simin ilə, Ya nigini-lə’ldir, rəşki-ləbindən oldu ab? Kilki-qüdrət lövhi-sinəmdə səni qılmış rəqəm, Eyləyib məhbublər məcmuəsindən intixab. Ey Füzuli, hər əməl qılsan xətadır, qeyri-eşq, Budurur mən bildigim, “vəllahü ə’ləm bis-səvab” * * * Sevmişəm Mən əzəldən nuri-paki Mustafanı sevmişəm, Şahı mərdan şiri yəzdan Mürtəzani sevmişəm. Yox mənim canımda qorxu atəşi niranidən, Şahi Həsən həm Hüseyni Kərbəlanı sevmişəm. Rəhnümadır cümleyi möminlərə Zeynül İbad, Baqiri, Cəfəri, Musani, Rizani sevmişəm. Həm Təqidir, həm Nəqidir, həm imami Əsgəri, Ey Füzuli sidq ilə Sahibi-Zamanı sevmişəm. * * * Şəmi-ruyin afitabi-aləmaradır sənin Şəm’i-ruyin afitabi-aləmaradır sənin, Nuri-həq xurşidi-rüxsarında peydadır sənin. Sənsən ol cövhər ki, dürci-mümkinat içrə bu gün, Mümkün olan eybdən zatın mübərradır sənin. Can verir lə’lin təmənnasında min abi-həyat, Feyzinə ləbtəşnə yüz Xizrü Məsihadır sənin. Sərvü gül nəzzarəsin neylər sənə heyran olan Kim, qədin sərvü rüxün gülbərgi-rə’nadır sənin. Razi-eşqin xəlqdən qılmaq nihan mümkün degil, Aşiqin ol vəchdən aləmdə rüsvadır sənin. Qıldı şövqün əşk qəvvası gözüm mərdümlərin, Ey düri-tər, mənzilin guya bir dəryadır sənin. Cümlə afaq əhldən çəkmiş təəllüq damənin, Ta Füzuli xəstəyə vəslin təmənnadır sənin. * * * Üzünü güzgüyə qeybətdə oxşadan qafil Üzünü güzgüyə qeybətdə oxşadan qafil, Toxunsa üz-üzə olmazmı ara yerdə xəcil. Buraq niqab ki, bilsin kəmali-sün’i görüb, Firiştə xilqəti-Adəmdə şübhəsin batil. Hədisi-vəhyvəşin zaye’ etmə əğyarə, Rəvamıdır, edəsən qədrin ayətin nazil. Hərimi-kuyini göstər nümunə, eylə səvab Kim, ola cənnət içün xəlq taətə mail. Səni qoyub, bütə eylər ibadətin kafir, Əzabi-duzəxə ol vəchdən olur qabil. Həkimə nəfyi-qiyamət xətasını bildir, Qiyam göstər ona, e’tiqadın et zail. Qərəz Füzuliyə ancaq əlində ölməkdir, Vəli məhaldır ol həm, sən olıcaq qatil. * * * Ta ki, taği-zərnigarın çərx viran eyləmiş Ta ki, taği-zərnigarın çərx viran eyləmiş, Xişti-zərrinin səba fərşi-gülüstan eyləmiş. Katibi-təqdir xətti-səbzə təhrir etməyə Lövhi-gülzari xəzan bərgi zərəfşan eyləmiş. Qət’ edib fəsli-xəzan abi-rəvan şirazəsin, Nüsxeyi-gülzarın övraqın pərişan eyləmiş. Dövr cövrün gör ki, nüzhətgahi-əhli-zövq ikən, Cuybari-gülşəni zənciri-zindan eyləmiş. Eyləmiş tədbiri-təşvişi-xəzan taracının Lalə, rəngin rəxtini dağ içrə pünhan elyəmiş. Ruzigarın tirə, bəxtin qarə, nitqin lal edib, Matəmi-gül bülbüli zağ ilə yeksan eyləmiş. Ey Füzuli, dəhr halın şaxi-güldən qıl qiyas Kim, verib əvvəl təcəmmül, sonra üryan eyləmiş. * * * Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim Tənimdə zəxmi-tiğin çeşmi-xunəfşanə bənzətdim, Oxun kim, səf-səf ətrafındadır, müjganə bənzətdim. Bəqayi-ruhimi bildim zülali-lə’li-nabindən, Həyatımdır dedim, bağrıma basdım, qanə bənzətdim. Sökülmüş köksümü kim, doludur qəmzən xəyalilə, Həramilər yatağ mənzili-viranə bənzətdim. Tənimdən incinib çıxmış rəvan can kimi peykanın, Neçük incinməsin, yetdikdə zövqün, canə bənzətdim. Gözümdə bəslənib, qiymət bulan peykanını gördüm, Sədəfdə gövhər olan qətreyi-baranə bənzətdim. Füzuli, öldürər hər dəm məni əhli-nəzər tə’ni Ki, neyçün yar lə’lin çeşmeyi-heyvanə bənzətdim. * * * Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi, Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi. Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın, Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi. Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə, Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi. Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün, Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi. Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə Məhü xurşiddən xiştü bina, əflakdən kaşi. Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün, Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi. Füzulini rəhi-eşqində əşkü ah edər rüsva, Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi. * * * Var ümidim ki, görüb cövlanını olsam həlak Var ümidim ki, görüb cövlanını olsam həlak, Gərdi-nə’li-badpayin örtə cismim üzrə xak. Öldügüm mənzildə dəfnim qılmağa sanmın ləhəd, Yer görüb qürbətdə əhvalım, giriban etdi çak. Məst can verdim, məzarım üzrə tə’zim eyləyib, Qübbə yapıb daneyi-əngur, eyvan tutdu tak. Çün cəfa mö’tadiyəm, bilmən nədir mehrü vəfa, Bilməsə mehrü vəfa rəsmin cəfakarım, nə bak. Hər küdurətdən məni pak etdi seyli-xuni-dil, Şükr-lillah, atəşi-eşqin məni yandırdı pak. Ah, bilmən neyləyim, canımda rahət qalmadı, Gözlərim nəmnak, sinəm çak, könlüm dərdnak. Qeyr nəqşin məhv qılmışdır Füzuli sinədən, Ma ləhu fid-dəhri-mətlubün və məqsudun sivak. * * * Yar vəslin istəyən kəsmək gərək candan təmə Yar vəslin istəyən kəsmək gərək candan təmə’, Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’. Aruziyi-vəsli-canan, canə afətdir, könül, Ya tə’əllüq candan üz, ya vəsli-canandan təmə’. Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal, Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə’. Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə, Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə’. Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim, Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə’. Arizin görmək həyatım tazə eylər, vəh nə eyb, Gər gəda vəchi-mə’aşın qılsa sultandan təmə’. Müttəsil hirman qılır hasil təmə’dən əhli-hirs, Türfə kim, artar ona gəldikcə hirmandan təmə’. İstər olsan həsrətü hirmanə hər dəm düşməmək, Kəs, Füzuli, dəhrdən ümmidü dövrandan təmə’. * * * Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz Yüksəlir göylərə, ey mah, fəğanım sənsiz, Nəyə lazımdı keçir ömrü zəmanım sənsiz. Dəyişir halımı hər anda qəmi-hicranın, Gəl deyim, gör necədir bu güzəranım sənsiz. Məndən ayrıldı hamı sən mənə etdikdə vida, Yox günahım ki, qala cismdə canım sənsiz. Ömrümün bəhrəsi bir şam kimi yanmaq oldu, Təngə gəldim bu həyatdan, yox amanım sənsiz. Düşməsin ta ki, şərər qəlbinə bir söhbətlə, Bağladı şiddəti-qəm indi zəbanım sənsiz. Bu ümid ilə ki, tapsın, gözəlim, səndən əsər, Yüyürür hər tərəfə əşki-rəvanım sənsiz. İndi rüsvalığımı təkcə Füzuli bilmir, Yayılıb aləmə bu eşqi-nihanım sənsiz. * * * Zəhi, cəvahiri-ehsani-amə mədəni-xas Zəhi, cəvahiri-ehsani-amə mə’dəni-xas, Düri-şəfa’ət üçün bəhri-rəhmətə qəvvas. Yetib hüzurinə me’rac vəqti qılmışlar, Qəmər hüsuli-məasir, Süheyl kəsbi-xəvas. Fələk həm ol gecə bulmuş səfa ki, sufi tək Qərar tutmayıb, olmuş o bəzmdə rəqqas. Rəhi-mütabi’ətindir təriqi-fövzü nəcat, Həvayi-mərhəmətindir ümidi-xeyrü xilas. Təfaxür eylə, Füzuli kim, ondan özgə degil Sana zəmanədə nəqşi-səhifeyi-ixlas. * * * Kitabxana.az · https://kitabxana.az/collections/fuzuli-qezeller İctimai mülkiyyət (müəllifin vəfat ili: 1556). Public domain (author died 1556). Original text only.