Müsəddəslər Həbibi (1470–1520) Dün gördüm ol nigari-tərəbnakü ərcimənd, Kafur əliylə dəstələmiş ənbərin kəmənd, Baxdım şikənci-türrəsinə zarü müstəmənd, Bir şəxsi-natəvan oturur gərdənində bənd, Kimdir bu miskin, ol nə rəsəndir? - dedim, dedi: Zülfim kəməndi tutsaği canındürür sənin. Çəkmiş cəmalə fərrü dəmü izzü cahını, Ənbərlə doldurub, başa əymiş külahını, Əbrin yüzündən aldı və ərz etdi mahını, Gördüm yüzündə daneyi-xali-siyahını, Şol müşk lalə üzrə nədəndir? - dedim, dedi: Canında əksi-daği-nihanındürür sənin. Ləlü göhər dişiylə yapışmış dodağinə, Müşki-Xütən həvəsdən ulaşmış yanağinə, Dürri-Nəcəf həvadən asılmış qulağinə, Çox danə-danə nəsnə tökülmüş ayağinə, Hey-hey, bu nə əqiqi-Yəməndir? - dedim, dedi: Gözdən axan cigərdəki qanındürür sənin. Gəşt ilə çıxdı gülşənə ol sərvi-gül-üzar, Əlvanı meyvə daməninə tökdü şaxsar. Mən gördüm anda püstəvü badamü sibü nar, Bir mürğ oxurdu arizi bağında zar-zar, Ol mürğ nə mürğ, bu nə çəməndir? - dedim, dedi: Baği-çəməndə mürği-rəvanındürür sənin. Göz gördügüncə könlüm olur hüsnü maili, Eylər dəli bu şivə ilə neçə aqili, Sehr eyləmiş yüzündə yenə çahi-Babili, Bənd etmiş anda bir neçə sahibnəzər dili, Çin söylə, bu nə çahi-zəqəndir? - dedim, dedi: Ey çox xəlalı, kəndü məkanındürür sənin. Yaşım yürüdü su kimi ol sərv suyinə, Göz baxa qaldı zülfü xətü ruyü muyinə, Piranəsər könül axub ol qəddi-cuyinə, Aldandı tifltək dil anın rəngi-ruyinə, Bu nə xöcəstə sərvi-səməndir? - dedim, dedi: Bəxti-səidü ömri-cəvanındürür sənin. Nərgis oyandı, bu çəmən damənü caməxab*, Gül çıxdı, pirəhən yaxasından açub niqab, Təb düşdü canə, cümleyi-afaqi tutdu tab, Ol dəm ki, doğdu qibleyi-məşriqdən afitab, Bir zərrə gördüm anda, dəhəndir! - dedim, dedi: Bu söz yəqin, Həbibi, gümanındürür sənin. * * * Kitabxana.az · https://kitabxana.az/collections/habibi-museddesler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1520). Public domain (author died 1520). Original text only.