Arşın mal alan Üzeyir Hacıbəyov (1885–1948) Arşın mal alan Əfradi-əhli-məclis Əsgər — dövlətli bir tacir oğlandır. Cahan — Əsgərin xalası, kök arvaddır. Süleyman — Əsgərin yoldaşı. Vəli — Əsgərin nökəri. Soltan bəy — qoca mülkədardır. Gülçöhrə — Soltan bəyin cavan qızıdır. Asya — Soltan bəyin qardaşı qızıdır. Telli — Soltan bəyin qulluqçusudur. Qonşu qızlar. * * * Birinci məclis Əsgərin evində vaqe olur. Otaq yaxşı bəzənib, fərş ilə döşənibdir. Stol və səndəllər dəxi vardır. Pərdə qalxmazdan qabaq Əsgər sağ tərəfdə və xalası sol tərəfdə oturublar. Qapının ağzında nökər Vəli hazır durubdur. Musiqi müqəddiməsi çalınır. Pərdə qalxır. Ə s g ə r oxuyur. Ə s g ə r Nalədəndir ney kimi avazeyi-eşqim bülənd, M u s i q i Nalədəndir ney kimi avazeyi-eşqim bülənd. Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. M u s i q i Nalə tərkin qılmazam, nalə tərkin qılmazam, Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. M u s i q i Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil. M u s i q i Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil. Böylə kim ol dilrüba bidərddir, mən — dərdimənd. M u s i q i Nalə tərkin qılmazam, nalə tərkin qılmazam, Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. M u s i q i Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb. M u s i q i Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb, Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd, M u s i q i Nalə tərkin qılmazam, nalə tərkin qılmazam, Gər kəsilsəm bənd-bənd, gər kəsilsəm bənd-bənd. M u s i q i C a h a n. Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan, adam eşidəndə ürəyi yanır? Ə s g ə r. Ürəyin yanırsa görünür ki, sənin ruhun var, ay xala! C a h a n. Qanmadım nə dedin, xalan sənə qurban, bir də de, başa düşüm. Ə s g ə r. Heç, bir elə söz demədim ki, bir də təzədən deyim…. İndi sən bura bax, ay xala. Bircə mənə de görüm axı belə olmaz ki, belə də qalsın, bu dünya belə gəlib belə getsə, bəs axırı nə olsun, onda işimiz necə olsun? C a h a n. Xalan sənə qurban, Allaha şükür, dünyaya nə olubdur ki? Ə s g ə r. Belə deyirəm ki, axı bunun axırı necə olsun, nəticəsi necə olsun, məsələn, biz, bəli, böyudük, başa çatdıq. Allaha şükür, mal-dövlət hamısı var, amma yenə də bilirsən, bununla adamın işi düz olmur, ürəyi toxtamır, nə isə bir şeyə yenə ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm? C a h a n. Xalan sənə qurban, əlbəttə, düz deyirsən, amma yenə də əməlli başa düşmədim ki, nə deyirsən. Ə s g ə r. Dediyim aşkar söhbətdir, ay xala! Belə sözün doğrusu o tərəfə, bu tərəfimə baxıb göz yetirirəm, görürəm bir şeyim çatmır. C a h a n. Bay!… Çatmayan bir şey varsa, gədəni göndər bazardan alsın, onda nə fikir var ki? Ə s g ə r. Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbətini eləyirəm, sən bazardan danışırsan. Belə deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Malım var, pulum var, amma pul sahibi gərək bir özgə şeyin də sahibi olsun. Vəhalün ki, heç malı, pulu olmayanların görürsən ki, bir sürüsü var. C a h a n. Xalan sənə qurban, sən bir tacir adamsan, sürünü nə eləyirsən? V ə l i başını bulayır. Ə s g ə r. Of, ay xala. Yenə bilmədin nə istəyarəm? V ə l i (birdən-birə). Mən bilirəm ağam nə istəyir…. Ə s g ə r (ona tərəf yönəlir). Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm…. V ə l i (irişə-irişə). Mən bilirəm sən nə istəyirsən…. Ə s g ə r və C a h a n. Di bilirsən de, nə dayanıbsan? V ə l i. Sən istəyirsən…. (Birdən hırıldayıb tez qapıdan çıxır, Əsgər gülümsünür). C a h a n. Bay, elə bil ki, gədənin dəliliyi var. (Əsgərə) Xalan sənə qurban, bircə məni yaxşıca başa sal görüm nə istəyirsən? Ə s g ə r. Ay xala, bura bax, ağlınca mənim neçə yaşım var? C a h a n. Boy, bu ramazan yox, gələn ramazan gəlib ötəndən sonra sənin iyirmi səkkiz yaşın tamam olacaqdır. Nəyin dərdin çəkirsən? Sən ki, hələ uşaqsan, səni görüm yüz yaşayasan! Ə s g ə r. Çox əcəb. Axı nə qədər uşaq olsam da yenə də ayaq üstə dura bilərəm ki? V ə l i daxil olub haman sayaq dayanır. C a h a n. Əlbəttə, dura bilirsən, allaha şükür, sağ-salamat cavansan. Ə s g ə r. Yaxşı indi bu sağ-salamat cavan bəs neyləsin, elə yeyib-yatsın? C a h a n. Əsgər, sən allah, gəl mənimlə açıq danış ki, mən başa düşüm; axı mən türkəsayəcə bir arvadam, ərəb dilini nə başa düşürəm, xalan sənə qurban. Ə s g ə r (kənara). Əşi, daha utanmaq yeri deyildir. (Cahana). Belə bilirsən nə var, xala? (Bərkdən). Mən arvad almaq istəyirəm ey, arvad, arvad!… V ə l i. Bax, mən deyən oldu…. (hırıldayır). C a h a n. Bay … ay xalan sənə qurban, habeləcə de ki, mən də başa düşüm, daha bunun nə çək-çeviri var ki?! Ə s g ə r. Hə, bəs bunu bil ki, arvad almaq istəyirəm. C a h a n. Belə çox yaxşı eləyirsən, xalan sənə qurban. Allah o günləri eləsin ki, belə toyunda oynayım. (Vəli oynayır). Bax, Əsgər, xalan sənə qurban, gördün ki, axırda sən gəldin mən deyənə. Neçə vaxtdır mən sənə deyirəm ki, Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol, amma nə fayda ki, sən qulaq asmırdın deyə, mən də daha dinmirdim. İndi görünür ki, mən deyənə getdin. Əlbəttə, arvad al, toy elə, dost sevinsin, düşmən yansın. (Vəli ah çəkir). Bax, istəsən günü bu güncə gedərəm, sənə qız axtararam. Rəhmətlik bacım canı ağzından çıxana kimi mənə deyirdi: Cahan, bax, Əsgəri sənə qoyub gedirəm; onu tək qoyma, evləndir. (Ağlayır. Vəli bərk ah çəkir). Ə s g ə r. Əşi, daha bura ağlamaq yeri deyildir ki? Qoy, söhbət açmışıq, görək axırı necə olur. C a h a n. Xalan sənə qurban, evlən. Ə s g ə r. Axı nə sayaq evlənim, iş elə burasındadır ki, evlənmək asan iş deyildir. C a h a n. Xalan sənə qurban, evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ələlxüsus sənin kimi cavana ki, allaha şükür, həmi pulun var, həmi dövlətin var, həmi cavansan. Vallah, lap padşahın da qızını istəsən sənə verər. Bax, burda çox fikir lazım deyildir, qoy elə bu güncə çadramı başıma salıb gedim sənin üçün qız bəyənib seçim. Ya özün, istəsən mənə de, hansı bəyin və ya tacirin qızını istəsən, gedim sənə alım. Ə s g ə r. Axı mən nə bilirəm ki, hansı bəyin və ya tacirin qızı yaxşıdır ki, deyim get al; mən ki, onları görməmişəm. C a h a n. Buy. Xalan sənə qurban, bəs mənim gözlərim kordur? Vallah, gedərəm, dolanaram, gəzərəm, baxaram, bəyənərəm, seçərəm, bir qız alaram ki, adam baxanda ağlı gedər. Ə s g ə r (gülür). Ay xala, bəs elə olsa ağlım gedər, dəli olaram ki…. Yox, xala, bu, əl verməz. Mən gərək əvvəlcə özüm qızı görəm, xoşuma gəldi alam, gəlmədi almayam. C a h a n. Sən bir ağıllı-başlı mənə nağıl et görüm necə qız alarsan? (Oxuyur və oynayır). Çadramı sallam başıma, Üz-gözümü bəzərəm. (2 dəfə) Gedib sənə qız axtarıb, Hər tərəfi gəzərəm. (2 dəfə) M u s i q i Bəyin, xanın və tacirin Qızlarını düzərəm. (2 dəfə) Çəməndəki o güllərin Ən gözəlin üzərəm. (2 dəfə) M u s i q i Xalan sənə qurban ola, Zəhmətinə dözərəm. (2 dəfə) Toyunda da sənin, bala, Bax, beləcə, süzərəm. (2 dəfə) M u s i q i C a h a n. Bəs sən kişi xeylağı, qızı nə sayaq görərsən, xalq qızını sənə göstərərmi? Ə s g ə r. Hə, bəs mətləb elə buradadır ki, səhərdən bəri sənə deyirəm ki, bunun axırı nə olsun? İstəyirəm evlənim, amma bilmirəm kimi alım; çünki heç kəsi görməmişəm və görmək də olmaz. C a h a n. Ay xalan sənə qurban, sən gəl ata-baba yolu ilə evlən. Sənin nə borcundur, qoy mən gedim sənə qız alım, hərgah pis olsa təqsir mənim boynuma. Ə s g ə r. Ay xala, sən nə fikir edirsən? Mən arşını iki şahılıq çiti görməmiş almaram; halbuki diri gözlü arvad ola. Yox, mən bu sayaq evlənmək istəmirəm. Bacarsan mənə bir yol göstər ki, qızı görüm, sonra alım. C a h a n. Xalan sənə qurban, nə yol göstərim? Ə s g ə r. Görünür ki, heç bir yol yoxdur. Onun üçün mən də evlənmirəm. V ə l i ah çəkir. Sükut. Musiqi çalınır, sonra S ü l e y m a n daxil olur. S ü l e y m a n. Cahan xala, kefin yaxşıdırmı? Vəli, sən necəsən? C a h a n. Allaha şükür, sağ olasan, Süleyman. V ə l i. Bəy, iltifatın artıq olsun. S ü l e y m a n Ə s g ə r ə tərəf gedib oxuyur. M u s i q i Nədir sənin dərdin, bu nə ahü zardır? (2 dəfə) Nədir sənin fikrin, belə tarü mardır? (2 dəfə) Utanma gəl söylə, belə dərdini mənə, (2 dəfə) Nə qüssədir böylə əsər eyləyib sənə? (2 dəfə) Bu dünyada yoxdur belə dərdi-bidəva. (2 dəfə) Dəvasın al dərdin, belə görginən səfa. (2 dəfə) Eşitməmişsənmi belə bir məsəl də var, (2 dəfə) Nə arzu varsa, belə axtaran tapar! (2 dəfə) Balam nə olub ki, belə qaradinməzcə oturubsan, yoxsa dünyanın dərdi sənə qalıbdır? Ə s g ə r. Ay Süleyman, yaxşı oldu sən gəldin; axı deyirlər ki, sən bir ağıllı adamsan, gəl görək sən nə məsləhət tökürsən? S ü l e y m a n. Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam? Ə s g ə r. İnanıram, amma məsləhət töksən lap yaxşı inanaram. S ü l e y m a n. İndi bir-bir söylə görüm nə olubdur? Ə s g ə r. Nə olacaqdır, onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə bu dünya belə gəlib belə getsə…. S ü l e y m a n (sözünü kəsir). Dayan, bildim nə istəyirsən. Ə s g ə r. Nə istəyirəm? S ü l e y m a n. Əlbəttə, arvad almaq istəyirsən. H a m ı təəccüb edir. Ə s g ə r (təəccüblə). Paho, nə bildin? S ü l e y m a n. Sifətindən görürəm. Onu bilmək çətin deyil ki. (Cahana). Belədir, belə deyil, Cahan xala?! C a h a n. Qadan alım, əlbəttə, elədir. S ü l e y m a n (Vəliyə). Belədir, belə deyil, Vəli. V ə l i. Bəy, əlbəttə, belədir. S ü l e y m a n (Əsgərə). İndi bildin ki, mən ağıllıyam?! Ə s g ə r. Yarısına qədər bildim. Aşna, indi bir iş də var; hərgah ona bir tədbir töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan. S ü l e y m a n. Di bir-bir söylə, qulaq asım. Ə s g ə r. Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir şeydir. İndi malın pisi-yaxşısı olan kimi…. S ü l e y m a n. Dayan, bildim nə istəyirsən. Ə s g ə r. Nə istəyirəm? S ü l e y m a n. İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb sonra alasan. Yenə h a m ı təəccüb edir. Ə s g ə r. Balam necə bildin? S ü l e y m a n. Ağzını açan kimi. Onu bilməyə nə var ki…. (Cahana). Belədir, belə deyil, xala?… C a h a n Qadan alım, əlbəttə, elədir. S ü l e y m a n. Belədir, belə deyil, Vəli? V ə l i. Bəy, doğru buyurursan. S ü l e y m a n (Əsgərə). İndi bildin ki, başdan ayağa qədər ağıllıyam? Ə s g ə r. Bir azca qalıbdır, hərgah bir işi də bilsən, onda imanım kamil olar. S ü l e y m a n. Bir-bir söylə. Qulaq asaq. Ə s g ə r. Yaxşı, ağıllı oğlan, bəs, mən qızı harada görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum? S ü l e y m a n. Ondan asan nə var ki; paltarın dəyiş, köhnəsini gey, qoltuğuna bir top çit-mit nə varsa vur, əlinə də bir arşın al. Ondan sonra düş qapı-qapı gəz və arşın mal sat. Bu halda, gördüyün qızların birisini seç, sonra lələşini göndər, gedim elçilik eləyim, vəssəlam. Ə s g ə r (sevinir). Əcəb fikirdir, vallah! C a h a n. Qadan alım, əlbəttə, yaxşı fikirdir. S ü l e y m a n. Ayrı cürə əlacı yoxdur. (Cahana). Belədir, belə deyil, xala? C a h a n. Qadan alım, əlbəttə, belədir. S ü l e y m a n. Belədir, belə deyil, Vəli? V ə l i. Bəy, doğru buyurursan. S ü l e y m a n (Əsgərə). İndi gördün ağıllıyam? Ə s g ə r. Ağıllısan qardaş, ağıllısan. Vallah, sən deyən kimi edəcəyəm. C a h a n. Ay Süleyman, bəs sən niyə özünü qocaldıb evlənmirsən? S ü l e y m a n. Mən də evlənərəm, xala. O fikirdən mənim də başımda var. Hələ indi əvvəlcə bir Əsgəri evləndirək, görünür ki, bu çox tələsiyir. Sonra mən də evlənərəm…. (Birdən). Yaxşı, xala, bəs sənin fikrin nədir? C a h a n. Heç nə, qadan alım, nə olacaqdır ki?… S ü l e y m a n. Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Qoy səni bir allah bəndəsinə verək, canımıza dua eləsin. C a h a n. Buy, qadan alım, mənim nə ərə getmək vaxtımdır ki? S ü l e y m a n. Necə, çox balacasan? Əlbəttə, vaxtındır, belədir, belə deyil, ay camaat? Əlbəttə, belədir. (Vəliyə). Balam, Vəli, sən də hazırlaş ha! V ə l i utanır, başını aşağı salır. S ü l e y m a n. Hə, Əsgər, fikrə gedibsən. Ə s g ə r. Vallah, sabahdan arşın malı satan olacağam. S ü l e y m a n. Əcəb elərsən, allah səni də tez muradına yetirsin, bizi də. Belədir, belə deyil, xala? C a h a n. Qadan alım, əlbəttə, elədir. S ü l e y m a n. Belədir, belə deyil, Vəli? V ə l i. Bəy, doğru buyurursan. S ü l e y m a n. Bəs indi ki, belə oldu, qulaq as. (Oxuyur) M u s i q i Öyrən bu kələyi arvadı tap, tez toy elə. (2 dəfə). Bil kim, düşməyəcək böylə kələk bir də ələ. (2 dəfə). Amma bax, unutma sən, unutma sən, bizləri sən, Görəndə qaşı qara, gözü qara qızları sən. H a m ı. (Əsgərdən başqa). Amma bax, unutma sən, unutma sən, bizləri sən, Görəndə qaşı qara, gözü qara qızları sən. M u s i q i. Oynayırlar. C a h a n. O gün ola, balam, toy edəsən, qız alasan, (2 dəfə) Evlənmək işini aramıza dəb salasan. (2 dəfə). Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək. H a m ı. Bizə də sən qur kələk, sən qur kələk, sən qur kələk. Bəlkə biz də gün görək, bir gün görək, bir gün görək. M u s i q i. Oyun. V ə l i. Düş bazar--şəhərə, sat arşın mal, Əsgər ağa (2 dəfə) Axtar, bax, qızı tap, tez arvad al, Əsgər ağa (2 dəfə) Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac, Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç. H a m ı Dərdinə tapdın əlac, tapdın əlac, tapdın əlac, Bizə də tez bir yol aç, sən bir yol aç, sən bir yol aç. (Oyun) P ə r d ə * * * İkinci məclis Musiqi müqəddiməsi çalınır, sonra pərdə qadxır. Soltan bəyin evinin qabağıdır. Gülçöhrə, Asya və Telli oturub, biri tikiş tikir, digəri corab hörür. G ü l ç ö h r ə (tikiş tikə-tikə oxuyur) M u s i q i Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir. M u s i q i Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir, Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir. (2 dəfə) M u s i q i Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş, M u s i q i Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmuş. Yetən bidərdə tədbirilə dərman etdiyimdəndir. (2 dəfə) Deyil bühudə gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahımla viran etdiyimdəndir. (2 dəfə) Ü ç ü bir yerdə Ah, ah, ah…. Gəl yarım Gəl yarım, gəl yarım, gəl yarım. A s y a (ah çəkir). Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur, bikef oluram. G ü l ç ö h r ə. Görünür ki, oxumağım sənə xoş gəlmir. A s y a. Yox, çox xoş gəlir, elə ona görə də məni bir sayaq qəm basır, qüssə eliyirəm. G ü l ç ö h r ə. Ah, bizim ömrümüz başdan-ayağa kimi qəm-qüssə deyilmi? A s y a. Hə, vallah, doğru deyirsən. T e l l i. Ay xanımlar, nə olub ki, qəm-qüssə eləyirsiniz? Allah qoysa, Soltan bəy bu gün-sabah sizi ərə verər, gedib ev yiyəsi, oğul-uşaq sahibi olarsınız, onda qəminiz də olmaz. G ü l ç ö h r ə. Ah, Telli, o cürə ki, bizi ərə verirlər, heç verməsələr yaxşı olar. T e l l i. Nə üçün, ay xanım, niyə elə danışırsan? G ü l ç ö h r ə. Doğru deyirəm, vallah, o cürə ərə getmək mənim xoşuma gəlməz ki, heç bilmirsən səni kimə verirlər, ərin kim olacaqdır, getdiyin adam cavandır, qocadır, keçəldir, qoturdur, adam döyəndir…. A s y a (təəccüblə). Bəs, ay Gülçöhrə, onda daha heç ərə getməyib evdə qalıb un çuvalına tay olacaqsan? T e l l i. Allah eləməsin. G ü l ç ö h r ə. Mən deyirəm ki, evdə qalıb un çuvalına tay olasan? Mən onu demək istəyirəm ki, belə adam əvvəlcə bir kərə ki, kimə gedəcəkdir. Baxa, bəyənə, təhəp-tövpünə bələd ola, sonra ərə gedə. A s y a (gülür). Elə söz danışırsan ki, bişmiş toyuğun gülməyi tutar. Sən bu dörd divarın içində kimi görə bilərsən, a yazıq ki, (rişxəndlə) hələ baxıb bəyənəsən? G ü l ç ö h r ə. Elə olanda, evdə qız qalmaq yaxşıdır. T e l l i. Əşi, təki ağam sizi ərə versin, mən qaçıb, gedib nişanlını görərəm, evinə-eşiyinə baxaram, sonra gəlib hamısını sizə nağıl edərəm. G ü l ç ö h r ə ilə A s y a gülürlər. G ü l ç ö h r ə. Yaxşı, ay Telli, görünür ki, bizim adaxlımızı bir sən görsən kifayətdir, dəxi bizim görməyimiz lazım deyilmiş. T e l l i. Yox, xanım, əvvəl mən görərəm, sonra siz görərsiniz. A s y a. Yaxşı, Telli, qoy sən deyən olsun, təki bizi ərə versinlər, yerdə qalanı asandır. G ü l ç ö h r ə. Yox, mənciyəz görüb bəyənməyincə ərə getməyəcəyəm. Amma siz elə görməmişdən ərə gedərsiniz. T e l l i. Vallah xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Amma görməyəndə ürəyin tələsir ki, bir tez görəsən. (Oxuyur) Sən o yanda, yar bu yanda, Ceyran tək boynun buranda Baxışın min canlar alır, Məni qəmə-dərdə salır. M u s i q i Sən o yanda, yar bu yanda, Hərdən qıyqacı baxanda, Gözüm o gözlərdə qalır, Məni qəmə-dərdə salır. M u s i q i Sən o yanda, yar bu yanda. Saçların üzə salanda, Göylərə ahım ucalır, Məni qəmə-dərdə salır. (Nağıl edir). Səni yaxşıca geyindirirlər, bəzəyirlər, sonra faytona mindirib allah-allahla aparırlar. Hələ desən ayağının altında qurban da kəsirlər, sonra otağa aparıb gərdək dalında oturdurlar, ürəyin döyünə-döyünə gözləyirsən. Bir də görürsən ki, qapı açılıb oğlan çıxdı…. Bu əsnada qapı açılıb S o l t a n bəy çıxır. Qızlar səslərini kəsib işlərinə məşğul olurlar. T e l l i (kənara). Allah eləməsin ki, belə oğlan olsun. S o l t a n b ə y (əsnəyir). Ay qız Telli, min kərə demişəm ki, mən yatanda gəl mənim üstümü basdır; indi üstü açıq yatmışam, deyəsən belimə soyuq dəyibdir. (Əsnəyir). Ay … rəhmətlik Sona sağ olaydı…. Qərəz ki, təklik bir sənət deyildir. G ü l ç ö h r ə. Ay ata, bizə desəydin örtərdik, bilmədik. S o l t a n b ə y. Demədim, demədim, keçibdir. (Əsnəyir). Di, durun gedin evə, mən də şəhərə çıxıram. Evdən yaxşı muğayat olun. Durun. (Qızlar hamısı durub içəri daxil olurlar.) Olmur, təklik mənə əl vermir. Beş ildir ki, gün-gündən geri gedirəm. Srağagün həkim Mirzə Hüseynə deyirəm ki, oram ağrıyır, buram ağrıyır, deyir ki, bir arvad al. Hanı bir elə arvad ki, uğruma gələydi alaydım. Əlbəttə, mənə qız verməzlər. Çünki yaşım çoxdur, pulum da yox. Və bir də təzədən top-tüfənglə evlənmək mənə yaraşmaz; mənimki bir hallıca, dulluca arvaddır ki, bir nəfər molla, üç manat pul və bir kəllə qənd ilə iş tamam ola. Ondan sonra arvad başlar gecələr saqqalıma həna yaxar, səhərlər də yuyar. Yatanda da belimə soyuq dəyməz. Qərəz, gedək, bazara, görək nə var, nə yox. (Gedir). M u s i q i Ə s g ə r pərdə dalında oxuyur. Ə s g ə r. Arşın mal alan. (2 dəfə) Arşın mal alan. Bafta, tafta, buxça hey…. Ə s g ə r qoltuğunda arşın malı və arşın səhnəyə çıxır. Ə s g ə r. Tamam üç gündür, qapı-qapı dolanıb gəzirəm, amma axtardığımı tapa bilmirəm. Bu günü də başa çıxardım görüm nə olur. Ey bəxt səndən mədəd. M u s i q i (Yenə oxuyur). Arşın mal alan. (2 dəfə) Arşın mal alan. Bafta, tafta, buxça hey…. Bu halda G ü l ç ö h r ə, A s y a və T e l l i bir tərəfdən və qonşu qızlar o tərəfdən bayıra çıxırlar. Qızlar Ə s g ə r i çağırır. Q ı z l a r. Arşınmalçı, arşınmalçı bura gəl. Q ı z l a r xoru. (Soprano) Arşınmalçı mal göstər, Bir-bir yerə sal göstər. Göstər-göstər hər nə var, Qızlar bəzənmək istər. M u s i q i H a m ı. Ah, nə gözəl parçadır, Gülləri də qonçadır, Toy bəzəyi xonçadır, xonça, (2 dəfə) Xonça…. Ondan bir paltar tikdirsəydim, Oynardım mən doyunca-doyunca, M u s i q i Xor bir də təkrar olunur. Ə s g ə r (gedə-gedə). Aha, deyəsən qız mədəninə düşmüşəm. Bir sürü birdən çıxdı. Görək necə şeydirlər. (Onlara). Deyin görüm, gözəl xanımlar, nə istəyirsiniz? Çit, ipək, məxmər, bafta, tafta, hər şeyim var. G ü l ç ö h r ə. Aç görək xoşumuza gələn nə var. Ə s g ə r. Bu saat, xanım. (Açır, Gülçöhrəyə diqqət yetirir). A s y a (kənara). Batmış nə göyçək oğlandır. Ə s g ə r. (yenə diqqətlə baxır). Bax, xanım, hər nə könül istəyən desən, hamısı burada vardır. (Kənara). Amma əcəb qızdır. T e l l i. Ay xanım, o tumanlıq nə yaxşıdır. A s y a. A, nəyə lazım olan şeydir ki…. G ü l ç ö h r ə (Asyaya). Sənə lazım olmaz, amma Telliyə lazım olar. Ə s g ə r. Doğru buyurursan, xanım. (Kənara). Agıllı qızdır, ha!… (Ona) Neçə arşın buyurursan qulluqçunuz ünün kəsim. G ü l ç ö h r ə. Arşını neçədəndir? Ə s g ə r. Heç neçə, on iki qəpikdir. Amma sizə iki şahıdan hesab elərəm. G ü l ç ö h r ə. Bu cürə çitin arşınını biz həmişə səkkiz qəpikdən alırıq, elə versən on arşın kəs. Ə s g ə r. Zərər yoxdur, sizə qurban olsun. (Olcur). Bir … İki. (Kənara) Amma, deyəsən, axtardığımı tapmışam … üç … dörd … vallahi çox gözəl qızdır … beş … altı … yeddi … deyəsən elə qismətim bu olacaqdır … səkkiz … doqquz, görünür zahiri, gözəl olan kimi batini də gözəldir … on … on bir … on iki…. G ü l ç ö h r ə. On arşın bəsdir. Ə s g ə r. Buy, hə. Fikrimdən çıxdı, budur elə on arşındır. (Kəsir qulluqçuya verir). A s y a. Ah, bizə yaraşan heç zadın yoxdur. Ə s g ə r. Xanım, sizə yaraşan şeyim çoxdur, ancaq evdədir. İnşallah gələn səfər gətirərəm. (Gülçöhrə pul verir). Xanım evin abadan, sənin əlinin bərəkəti mənə bəsdir. G ü l ç ö h r ə. Nə bildin ki, əlimin bərəkəti vardır? Ə s g ə r. Elə belə ürəyimə damdı ki, sənin əlin bərəkətlidir. (Kənara). Vallah, mən deyən elə budur ki, var. (Ona). Xanım, bura Soltan bəyin evi deyilmi? G ü l ç ö h r ə. Özüdür. Ə s g ə r. Abad olsun! Bəs Soltan bəyin qızı hansınızdır? A s y a. Bu özüdür. Ə s g ə r. Allah ömür versin. (Kənara). Çox gözəl qızdır. A s y a. Ay Gülçöhrə gedək evə; yoxsa əmim gələr acığı tutar. Gedirlər. Ə s g ə r. Sağ olun, var olun! G ü l ç ö h r ə (gedə-gedə). Sən də sağ ol! Ə s g ə r (tək). Sözün doğrusu, bundan yaxşı qız görmədim və ola bilsin ki, heç görməyim. Gəl Əsgər, ya qismət de, bunu al. Soltan bəy məni görməyibdisə də, adımı eşidibdir. Bilir ki, dövlətli tacir oğlanam. Yəqin qızı istəsəm verər. İndi görəsən, qız bilsə ki, mən doğrudan da arşın mal satanam, mənə gələrmi? Qızı bilmirəm, amma Soltan bəy bilsə ki, mən arşın mal satanam, min il də qalsa, qızı mənə verməz. Allahın altında qız bir də çıxaydı, yenə bir görəydim, danışdıraydım. Dayan…. (Qapıya baxır). Deyəsən, gələn var. Qoy gizlənim görüm kimdir. (Gizlənir, qapı açılıb Gülçöhrə çıxır). G ü l ç ö h r ə. Asya demişkən, arşınmalçının sir-sifəti yaxşı idi. İndi Asyaya desən ki, gəl səni ona ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Amma məncə, arşınmalçılıq pis iş deyil ki. O da tacir kimi bir şeydir. Vallah, atam razı olsa mən ona ərə gedərəm. Çünki nə sayaq olsa, yenə də üzünü görmüşəm, bilirəm ki, şil deyil, kor deyil, keçəl deyil, sifəti də xoşuma gəldi. Üzü nəcib adamın üzünə oxşayır. Vallah onu qəşəng geyindirəsən, bir oğlan çıxar ki, bəy balası kimi…. Mənə deyir ki, yəqin sənin əlin bərəkətlidir. Özü də elə baxırdı ki, guya tək məni görür…. Bir də görsəydim, yaxşıca diqqət edərdim…. Ah, gör nə danışıram, kim bilir, bəlkə onun arvad-uşağı vardır…. (Fikrə gedir). Ə s g ə r (çıxır hüzura, arşın ğoltuğunda). Xanım, bağışla…. G ü l ç ö h r ə (səksənir), Uy, qorxdum a…. Ə s g ə r. Qorxma, xanım, deyəsən mən arşını burada qoyub getmişəm. G ü l ç ö h r ə. Olsa burada qalardı…. Ə s g ə r. Zərər yoxdur, evdə alahı arşınım vardır. G ü l ç ö h r ə (kənara). Yenə o sayaq baxır, gözü-gözümə sataşanda elə bil ki, ildırım kimi məni vurur. Ə s g ə r. Xanım, allahın altında Soltan bəyin on iki nəfər sən kimi qızı olaydı. G ü l ç ö h r ə. Yəni nə demək istəyirsən? Ə s g ə r. Onu demək istəyirəm ki, bir qızını bəyə, birini xana, birini tacirə, birini mollaya, birini də seyidə verib, axırda birini də mənə verəydi…. G ü l ç ö h r ə. Nə olar ki…. Ə s g ə r. Amma yox, verməz, əlbəttə verməz. O bir bəy adamdır, amma mən arşınmalçı. O mənə qız verməz…. (Kinayə ilə) və bir də versə də, qız gəlməz…. G ü l ç ö h r ə. Görünür ki, sən subaysan. Ə s g ə r. Lap subayam, allahın bərəkətindən işim də çox yaxşı gedir. Bir parça çörəyim var, ac deyiləm. G ü l ç ö h r ə. Bəs nə üçün indiyə qədər evlənməyibsən? Ə s g ə r. Nə sayaq evlənim; görmədiyim qızı almaram; gördüyüm qızlardan da xoşuma gələn, ürəyimə yatan bir nəfər olubdur ki, onu mənə verməzlər…. G ü l ç ö h r ə. Qız özü sənə getməzmi? Ə s g ə r. Yəqin ki, getməz, çünki o bəy qızıdır. G ü l ç ö h r ə. Sən əvvəlcə qızdan soruş, sonra de. Nə bilirsən getməz? Ə s g ə r. Doğru buyurursan, xanım, bəs, elə isə de görüm mənə gələrsənmi? G ü l ç ö h r ə (təəccüblə). Kim? Mən? Ə s g ə r. Bəli sən, mənim xoşladığım qız bircə sənsən. G ü l ç ö h r ə. Mən elə bildim ki, özgə qızdır…. Ə s g ə r. Səndən başqa özgəsi ola bilməz. G ü l ç ö h r ə. Bəs sən məni bir kərə görməklə xoşladın? Ə s g ə r. Əlbəttə, xanım, göz gördü, könül sevdi. Gözüm səni görən kimi, qəlbim sevindiyindən çırpınmağa başladı. G ü l ç ö h r ə (kənara). Vallah mənimki də elə oldu. M u s i q i Ə s g ə r. Öyrənib pürfənd oldum, Özgəyə rüşxənd oldum. (2 dəfə) Hər bir dərdə mən doldum, Səni gördüm, bənd oldum. (2 dəfə) Elə bənd oldum, elə bənd oldum, Elə bənd oldum, dilbər! Dura bilməm mən sənsiz. M u s i q i G ü l ç ö h r ə. Heç kəsi mən görməzdim, Sirrimi söyləməzdim. (2 dəfə) Nədir aşiq bilməzdim, Səni gördüm bənd oldum. (2 dəfə) Elə bənd oldum, elə bənd oldum. Elə bənd oldum, dilbər! Dura bilməm mən sənsiz. M u s i q i İ k i s i b i r y e r d ə. Kömək etdi çün ol bəxt, Gəldi çatdı axır vəxt. (2 dəfə) Ömrümü bildim xoşbəxt, Səni gördüm bənd oldum. (2 dəfə) Elə bənd oldum, elə bənd oldum, Elə bənd oldum dilbər. (2 dəfə) Dura bilməm mən sənsiz. M u s i q i Ə s g ə r. Xanım, mən sənə yaraşan deyiləm. G ü l ç ö h r ə. Bilmirəm, amma xoşlamışam. M u s i q i Ə s g ə r. Görünür, doğru deyirlər ki, qəlb qəlbi istər, xanım…. G ü l ç ö h r ə. Mənə xanım demə, adım Gülçöhrədir. Ə s g ə r. Gülçöhrə, bəs nə sayaq edək ki, atan səni mənə versin? G ü l ç ö h r ə. Məni atamdan istə, verər, verər, verməz--mən özgəsinə ərə getmərəm…. Ə s g ə r (kənara). Çox əcəb. (Ona) Atan səni güclə verər. G ü l ç ö h r ə. Güclə də getmərəm. Ə s g ə r. Səni zorla apararlar. G ü l ç ö h r ə. Özümü boğaram. Ə s g ə r. Allah eləməsin. İndi ki, belə oldu, qoy bir yaxşı fikir edək görüm bəlkə bir əlac taparam. İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. G ü l ç ö h r ə. Xudahafiz. Amma onu bil ki, sözüm sözdür. (Gedir). Ə s g ə r (tək). Deyirəm vallah, ürək elə bir olur. Yazıq qız məni xoşlayıbdır. Özü də bilmir ki, dövlətli tacirəm. Mən də qəsdən demədim ki, qoy axıra kimi qızı sınayım. Çox əcəb. İndi mən gedim bir bəhanə ilə xalamı dəxi buraya göndərim ki, baxsın, görsün necə qız seçmişəm. Gedir. G ü l ç ö h r ə çıxıb ora-bura baxır və sonra oturub fikrə gedir. G ü l ç ö h r ə. Bu nə iş idi mən elədim. Yad oğlanla nələr danışdım ki, heç qıza yaraşmaz…. Bilmirəm haradan gəldi çıxdı. Özü yaxşı, sözü yaxşı…. Heç fikrimdən çıxmır…. Ah, necə könlüm pərişan olubdur (Oxuyur). M u s i q i Aşiq oldum necə bir tazə güli-rənayə. M u s i q i Aşiq oldum necə bir tazə güli-rənayə Ki salıbdır məni ol işvə ilə qovğayə. (2 dəfə) Aşiq oldum, aşiq oldum, aşiq oldum, Necə bir tazə güli-rənayə. (2 dəfə) M u s i q i Gözümün qanı ilə sinəmi al etdim kim, (2 dəfə) Səbəbi-sənət ola ol büti-bipərvayə, (2 dəfə) Pərvayə, pərvayə. Bu bir işdir ki, məni iynə kimi incəldib, (2 dəfə) Salır iplik kimi hərdəm bir uzun sövdayə, Aşiq oldum, aşiq oldum, aşiq oldum, Necə bir tazə güli-rənayə. (2 dəfə) A s y a və T e l l i çıxıb oxuyurlar. A s y a və T e l l i. Nə pərişandır halın Gülçöhrə, Gülçöhrə?! Nədir bu ahı-zarın? Tez söylə, tez söylə. Niyə solmuş rüxsarın? Gülçöhrə, tez söylə. Qıza layiq olmaz kim, Dərd etsin, qəm çəksin. (2 dəfə) Nədir bu ahı-zarın? Gülçöhrə, tez söylə, Gülçöhrə, tez söylə. (2 dəfə) H a m ı s ı içəri girirlər. Bu halda Ə s g ə r x a l a s ı ilə bərabər çıxır. Cahan çarşaba bürünübdür. Ə s g ə r. Bax, xala, haman qız bu evdə olur. Apararsan bu məxməri və deyərsən ki, arşınmalçı göndəribdir. Soruşan olsa ki, sən kimsən, deyərsən ki, arşınmalçının xalasıyam. Başa düşdünmü? C a h a n. Başa düşdüm, xalan sənə qurban, gedirəm. (Gedib içəri girir). Ə s g ə r (tək). Amma getdikcən qıza daha artıq bənd oluram. Günü bu günü Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin…. Belə istədiyimi tapdım…. Bu ev, bu həyət, bu yol hamısı elə bil ki, üzümə gülür. (Oxuyur). M u s i q i Axtarıb tapdım səni, səndəmi sevdin, yar məni? (2 dəfə) Gör nə haldır görmür gözüm, şadlığımdan dünyanı Gəl-gəl maralım, gəl, gəl-gəl, ceyranım, gəl. (2 dəfə) Səni sevdim, yar səni sevdim, gözüm görməz özgəni. M u s i q i Halal olsun Süleyman. M u s i q i Halal olsun Süleyman, sən nə kələkbazsan, şeytan! Öyrədib məni yola saldın, mənə rast gəldi yar can. (2 dəfə) M u s i q i Gəl-gəl maralım gəl, gəl-gəl ceyranım gəl! (2 dəfə) Səni sevdim, yar, səni sevdim, gözüm görməz özgəni. (2 dəfə) İndi burada dayanmayım. Gedim evə, xalam gəlsin görək nə söyləyəcəkdir. (Gedir). S o l t a n b ə y bazardan qayıdır, yavaş-yavaş gələ-gələ özbaşına danışır. S o l t a n b ə y. Elə hamı mən deyəni deyir: bir hallıca dul arvad ola ki, bir nəfər molla, üç manat pul və bir kəllə qəndlə iş tamam ola. İndi mən nə qayırım? Elə arvadı haradan tapım? Gəl, ay arvad. Haradasan? Gəl, gəl. (deyən kimi Cahan çıxır və buna tərəf gəlir ki, keçsin. Soltan bəy təəccüblə). Paho!… Yoxsa məni qara basır…. Yox, deyəsən diri gözlü arvaddır. Özü də bizdən çıxdı. Deyəsən, allah mənimkini yetirdi. (Cahana tərəf gedir) Ay bacı, kimsən, bizdə nə işin var idi? C a h a n. Arşın mal aparmışdım, qızlara göstərəm. S o l t a n b ə y (kənara). Arvad olmağına arvaddır, ancaq üzünü görsəm pis olmaz. (Ona). Yaxşı, bacı bir de, çarşaba bürünmüş kişi olmayasan? C a h a n. Buy … ay qardaş, nə söz danışırsan? S o l t a n b ə y. Bəs elə isə bir balaca üzünü mənə göstər ki, yəqinlik hasil olsun. C a h a n (üzünü açıb göstərir). Gördün ki, arvadam! S o l t a n b ə y. Hə, gördüm. (Kənara). Arvadsan, özü də lap mən deyəndən. (Ona). Di yaxşı, bir məni başa sal görüm sən kimsən, nəçisən və kimin adamısan? C a h a n. Mən arşınmalçının xalasıyam, özüm də qızlara, arvadlara mal satıram. S o l t a n b ə y. Yaxşı, mənə bir demədin ki, görək kimin adamısan. C a h a n. Bəy, dəllal Kərbəlayı Nəsirin külfətiyəm, bəlkə tanıyasan? S o l t a n b ə y. Xeyr, tanımıram, mənim dəllal-məllal ilə işim olmaz…. Yaxşı, deməli, sənin kişin dəllallıq edir, özün də arşın mal satırsan. C a h a n. Bəli, kişim dəllallıq elərdi. S o l t a n b ə y. Edərdi? Bəs indi nə iş görür? C a h a n. İndi allah bilir ki, nə iş görür; rəhmətlik on iki ildir ki, ölübdür. S o l t a n b ə y (sevinir). Ölübdür? Deməli, sən dulsan? C a h a n. Bəli, dulam. S o l t a n b ə y. Belə de də. (Öskürür və özünü düzəldir). Deyirsən on iki ildir ki, ərin ölüb dul qalıbsan…. Çox əcab, indi-bəs necə eyləyək? C a h a n. (təəccüblə) Nəyi necə eyləyək? S o l t a n b ə y (karıxmış). Yox, belə onu deyirəm ki, mənim də arvadım budur, beş ildir ki, mərhum olubdur. Belə olmaq çox pis şeydir. Adam lap tək qalır, bilmir ki, nə etsin. (Kənara). Yaxşıca əlimə düşübdür, heç buraxmaq lazım deyildir. (Cahan istəyir getsin Soltan, bəy tez qabaqlayır). Əşi, bir dayan, hara tələsirsən? C a h a n. Tələsiyirəm, işim var. S o l t a n b ə y. Daha bundan gözəl nə iş olar, əcəb söhbət eləyirik. Sən dul, mən dul, gəl dərdləşək də…. Yaxşı, indi sən deyirsən ki, dulsan, hə? C a h a n. Buy, dedim ərim on iki ildir ki, ölübdür…. S o l t a n b ə y. Axı burası var ki, mən də dulam…. C a h a n. Nə olar, allahın əmridir. Tək sənin başında görünməyib ki…. S o l t a n b ə y. Orasını bilirəm…. Bura bax, gəl biz ikimiz bir iş edək. C a h a n. Nə iş? S o l t a n b ə y. Belə iş ki, nə sən dul olasan, nə də mən…. C a h a n. Nə sayaq eləyək? S o l t a n b ə y. Nə sayağı var ki, bir nəfər molla, üç manat pul, bir kəllə qənd, şütt-tamam, vəssalam. C a h a n. Heç başa düşmürəm ki, nə deyirsən. S o l t a n b ə y. Başa düşmürsən? Əcəb dilbilməzsən! Bəs, elə isə, dürüst qulaq as gör nə deyirəm, a dilbilməz. M u s i q i (Çırtı vura-vura oxuyur.) Bir at aldım, hər yanı çapdım, Gəl alım, gəl alım, dilbilməz! Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz! Aman, aman oy, qaşı kaman oy! Gəl alım, gəl alım, maralım, dilbilməz! (Oynayır). M u s i q i Bir ev tikdim, daş-üstədir, gəl alım, gəl alım, dilbilməz! Hər nə desən baş üstədir, gəl alım, maralım, dilbilməz! Aman, aman oy, qaşı kaman oy! Gəl alım, maralım, dilbilməz! (Oynayır). M u s i q i Sən dul, mən dul, gəl mənə bənd ol, gəl alım; gəl alım, dilbilməz!Hər nə desəm ona razı ol, maralım, maralım, dilbilməz! Aman, aman oy, qaşı kaman oy! Gəl alım, gəl alım, dilbilməz! (Bu halda Ə s g ə r gəlir və bunları görür.) Ə s g ə r. Aha! Xalamın da işi düzəldi. Əcəb! (İrəli gəlir, oynamaqda olan Soltan bəyin qulağına.) A bəy! A bəy! Bir dayan söz deyirəm (Soltan bəy səksənib dayanır). Axı belə iş yaxşı deyildir; özgənin arvadına eşqnamə oxuyursan. S o l t a n b ə y. Balam, sən kimsən, sənə nə? Ə s g ə r. Necə mənə nə? Bu mənim xalamdır. S o l t a n b ə y. Xalandır? Deməli, arşınmalçı sənsən? Ə s g ə r. Bəli, mənəm. S o l t a n b ə y. Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur? Ə s g ə r. Nə olubdur ki? S o l t a n b ə y. Nə olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə vermirsən. Ə s g ə r (gülümsünür). Nə edim, bir yaxşı adam tapmıram. S o l t a n b ə y. Yaxşı adam--mən. Gəl də!… Gəl qohum olaq, mən də dulam. Ə s g ə r (kənara). Aha, yaxşı fürsətdir. (Ona). Doğru deyirsən, bəy, ya zarafat edirsən? S o l t a n b ə y. Tayımsan ki, zarafat edim? Lap ürəkdən doğru deyirəm. Ə s g ə r. Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? S o l t a n b ə y. Nə verəcəyəm? Sənin muzdun bu olar ki, mənim kimi bəylə qohum olarsan. Xalanın muzdu o olar ki, canı rahat olar. Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən? Ə s g ə r. Yox, bəy, bu sayaq sərf eləməz…. S o l t a n b ə y. Bəs nə sayaq sərf elər? Ə s g ə r. Bax, bəy, indi ki, mənimlə qohum olmaq istəyirsən, gəl ikibaşlı qohum olaq. S o l t a n b ə y (təəccüblə). Nə sayaq ikibaşlı? Ə s g ə r. Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə. S o l t a n b ə y (bərk acıqlı). Axmağın birisi axmaq! Nə yava-yava danışırsan?! (Xəncərdən yapışır). Mən bəy balası kimi qızımı arşın mal satana verəcəyəm?! Cəhənnəm ol buradan sən də, sənin xalan da!… Qudurğanın birisi, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Rədd ol gözümün qabağından! Ə s g ə r (arxayınca). Xala, gəl gedək. (Gedirlər. Kənara). Arşınmalçı Əsgərə qız vermədi, amma tacir Əsgərə verəcəkdir. S o l t a n b ə y. Tez ol, itil buradan! (Evə tərəf gedib qapının azğında dayanır və gedənlərə baxır. Onlar gedirlər.) Gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. (Xəncərini çəkib yüyüryr). Öldürərəm səni qudurğan oğlu, qudurğan. (Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur məndə bəxt. Arvad əlimə göydən düşmüş kimi olmuşdu, özü də əsl mən deyən hallıca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə bənd idi; mərdüməzar oğlu, mərdüməzar hayandan gəldisə bütün işi korladı. Planımı dağıtdı. Ey vay…. (Oxuyur). Nə pis oldu halım mənim, gəl alım, gəl alım, gəl alım, dilbilməz! Getdi əldən yarım mənim, gəl alım, maralım, dilbilməz! Aman, aman oy…. (Girir içəri.) P ə r d ə * * * Üçüncü məclis S o l t a n b ə y i n evində vaqe olur. G ü l ç ö h r ə təkcə oturub oxuyur. Musiqi çalınır. Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda. M u s i q i G ü l ç ö h r ə Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda, Tutiyi-laləm, şəkər nisbət məqalindən cüda. (2 dəfə) M u s i q i Der idim səbr eyləyim olsam cəmalından cüda. M u s i q i Der idim səbr eyləyim olsam cəmalindən cüda, Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə) Ah … aman-aman … aman-aman! Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. (2 dəfə) Yar gəl, yar gəl, yar gəl, yar gəl!… M u s i q i Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda. M u s i q i Əqlimi tərk eylədim fəzlü kəmalindən cüda. Dönmüşəm mən müflisə cahü cəlalından cüda. (2 dəfə) M u s i q i Tirə oldu ruzigarım zülfü xalindən cüda. M u s i q i Tirə oldu ruzigarım zülfü xalindən cüda, Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə) Ah aman, aman, aman, aman! M u s i q i Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. (2 dəfə) Yar gəl, yar gəl, yar gəl, yar gəl!… M u s i q i Üzünü örtüb ağlayır. A s y a (daxil olub Gülçöhrənin yanına gəlir). Ah Gülçöhrə, sən allah, bir de görüm sənə nə olub ki, bu bir neçə gündür belə pərişan görünürsən? G ü l ç ö h r ə. Vallah, heç özüm də bilmirəm. Yəqin naxoş olmuşam. A s y a. Axı naxoş olanın bir yeri ağrıyar. Görünür ki, sənin heç yerin ağrımır, şükür allaha. G ü l ç ö h r ə. Ah, Asya, neyləyirsən soruşub, sən allah qoy məni əldən. A s y a. Yox, Gülçöhrə, bu bir neçə gündür ki, sən bilmərrə dəyişilibsən. Eyzən fikirdə, kefsiz, dinməz, yəqin burda bir hikmət vardır…. Ay qız, bəlkə bir adama bənd olubsan, hə? G ü l ç ö h r ə. (Hərəkət edir). Kimə bənd olacağam…. A s y a. Yox-yox, qızardın. Görürəm ki, bir adama bənd olubsan, ancaq o adam kimdir? Bizə arşın malsatandan başqa heç kəs gəlməmişdi. (Birdən). Yəqin o gədəyə bənd olubsan? G ü l ç ö h r ə. Gədə nə üçün olsun?! A s y a. Aha, bildim. Arşınmalçıya gözün düşübdür. Ay qız, heç sənə yaraşan işdirmi? Sən bəy qızı, bəy balası bir gədənin birinə bənd olubsan…. Nədir-nədir bir qədər sir-sifəti var. Vallah, istər lap çıraq kimi yansın, heç bir belə də məhəl qoymaram; o hara, mən hara…. G ü l ç ö h r ə. (təqsirli kimi). Vallah özüm də başa düşmürəm ki, bu nə haldır. (Ağlamsınır və əlləri ilə üzünü örtür.) A s y a (nəsihətyana). Sən yekə qızsan, elə şeyləri başından çıxart. Sən hara, bazarın gədəsi hara? Barı bənd olursan, elə adama bənd ol ki, sənə yaraşan olsun. İkinciyə qalan yerdə bənd olmaq özü qız üçün çox pis şeydir. Bax, mən sənin kimi bir qızam, amma heç gör mən bir adama bənd olurammı? Bir də vallahi, işdir, birdən atan bilsə, yəqin bil ki, səni tikə-tikə doğrar. G ü l ç ö h r ə. Qoy atam bilsin, bir kərəlik məni öldürsün ki, canım qurtarsın. A s y a. Axmaqlama, axmaqlama! Gəl bəri, gedək o biri otağa, gör sənə nələr söyləyəcəyəm. G ü l ç ö h r ə n i aparır, gedirlər. S o l t a n b ə y (daxil olur, tək). Zalım oğlu arşınmalçının xalası yaxşı girimə keçmişdi, olmadı. Əsl mən deyən arvad elə o idi ki, hallıca, dul, əndamlı. Bir nəfər molla, üç manat pul və bir kəllə qənd, şüt-tamam, vəssalam. Amma di gəl ki, məndə bəxt yoxdur…. Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Guya ki, mən qızımdan əl çəkmişəm, bazarın gədəsinə verəm…. Mən bir bəyəm ki, bütün tanışlarım adımı əzbər bilir. Əşi, xanla aş yemirəm ki, bığım yağa batar, bir gədənin birisi mənə göyə olmaq istəyir…. Amma xalasını alardım və bir söz deyən olsaydı, deyərdim ki, bir fəqir dul arvad idi, rəhmim gəldi, aldım…. Əlqərəz, arvad elə öz ayağı ilə yanıma gəlmişdi, şeytan oğlu şeytan işə pərxaşlıq saldı. Qoymadı işimizi görək…. Ah, gedək bir az dincələk; yenə belimin ağrısı tutdu…. (Gedir o biri otağa, bu biri otaqdan Telli çıxır.) T e l l i (tək). Of, yenə ağam getdi uzanmağa. Kişi lap zəhləmi tökübdü, indi yenə çağıracaqdır ki, ay qız Telli, gəl üstümü basdır. (Soltan bəyin səsi gəlir: "Ay qız Telli, gəl üstümü basdır"). Çor, zəhrimar…. (Mülayim) Gəlirəm, gəlirəm. (Gedir.)A s y a (daxil olub, tək). Ha öyüd, nəsihət edirəm olmur. Görünür ki, qız gədəyə çox bənd olubdur. Ağlayır, ağlayır, gözünün yaşını dolu kimi tökür; adamın rəhmi gəlir: bilmirəm hayandan gəldi çıxdı bura arşın malsatan…. Yenə bir bəy balası ola, ya bir tacir oğlan ola, yeri var. Halbuki bazarın gədəsi…. (Pənçərəyə tərəf baxır). O kimdir bizə gəlir? Buy, nə yaxşı oğlandır, vallah lap bəy balasına oxşayır. Bax adam bənd olanda da beləsinə ola. Görəsən bu bizə niyə gəlir, xeyir xəbər ola. Gəlir, gəlir, düz bizə gəlir, qoy gəlsin qaçmayacağam. Gəldi…. Q a p ı döyülür. A s y a qapını açır. S ü l e y m a n daxil olur. Asya əli ilə üzünü gizlətmək istəyir. S ü l e y m a n. Soltan bəy evdədirmi? A s y a. Bəli, evdədir. Bir qədər burada əyləşin, gedim çağırım. (Gedir.) S ü l e y m a n (tək). Yəqin ki, Soltan bəyin qızıdır, amma əcəb gözəl qızdır, bərəkəllah, Əsgər! Görünür ki, kişinin ruhu var ki, özünə bu cür qız seçibdir. Mən belə bilmədim ki, Soltan bəyin qızı gözəl imiş, yoxsa əvvəldən bilsəydim özüm alardım. Heyf. Amma yaxşıca qızdır. Vallahı çox böyük səhv eləmişəm. Gərək bu qızı mən alaydım. Halbuki indi gəlmişəm qızı Əsgər üçün istəyəm. (Fikir). Yoxsa, bəlkə elə gəlmişkən, elə özüm üçün istəyim?… Yox, bu yoldaşlıq haqqında namərdlik olar. Əsgər mənə etibar edib elçiliyə göndəribdir, özü də qıza bənddir, necə ola bilər ki, onu məyus eləyim, lənət şeytana. Adam gərəkdir dostluqda düz ola. Nə eləmək? Mən də axtararam, özümə bir gözəl qız taparam, xainlik pis şeydir. S o l t a n b ə y daxil olur. S o l t a n b ə y. Paho, Süleyman, sən hara, bura hara? Xeyir xəbər olasan, əyləş görək nə var, nə yox? (Əl-ələ verib, otururlar). S ü l e y m a n. Bəy, xeyir olmamış nə olacaq? Şükür allaha, hər şey öz yerində sazdır. S o l t a n b ə y. Çox gözəl, indi söylə daha nə var, nə yox? S ü l e y m a n. Bəy, bilirsən bu dünyanın işi elə belə gəlibdir ki, insan insana lazım olur, adam adama gərək olur. Görürsən ki, əvvəlcə bir adamı heç tanımırsan, sonra tanış olrusan, ondan sonra lap qohum olursan. Ancaq bir iş var ki, qohum olanda, gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola…. Məsələn, götürək bizim cavan tacirimiz Əsgəri…. S o l t a n b ə y. O kimdir? S ü l e y m a n. Bəy, sən onun özünü tanımasan da, atasını yaxşı tanıyırsan. Mərhum bəzzaz Mürsəli deyirəm ki, bir gözəl kişilərin birisi idi. S o l t a n b ə y. Hə, yaxşı tanıyıram; həqiqət, mərhum çox gözəl kişi idi. S ü l e y m a n. Bəli, indi Əsgər dediyim oğlan onun oğludur ki, o da hər bir barədə atası kimi gözəl adam və ağıllı oğlandır. Özünün də şükür allaha, yaxşı varı, malı. Alveri də çox böyük tərəqqidədir. S o l t a n b ə y. Yaxşı, Əsgər nə deyir? S ü l e y m a n. Əsgərin dediyi odur ki, səninlə qohum olmaq istəyir. S o l t a n b ə y. Balam, mənim qızım uşaqdır ki…. S ü l e y m a n. Bəy, gərək uşaq olmasın. Amma onu bil ki, Əsgər özgə adamdır, bəy. O sayaq oğlanın qohumluğu sənə hər bir barədə yaxşı olar. S o l t a n b ə y. San orasını doğru deyirsən; həqiqət tacir tayfası mənim xoşuma gəlir. Yoxsa bu incinar-mincinar, doxtur-moxtur, vəkil-məkil, uçitel-muçitellər ilə mənim işim olmaz. Və xoşuma da gəlməzlər. Ancaq burası var ki, Əsgəri mən görməmişəm. Hərçənd bilirəm ki, atası yaxşı kişi idi və dövləti də çox idi, ancaq bəzi vaxt yaxşı kişinin pis övladı olur. S ü l e y m a n. Xeyr, bəy, Əsgər çox gözəl oğlandır. Çox ağıllı, yaraşıqlı və çox da şüurlu oğlandır. O barədə təvəqqe edirəm ki, mənə etibar edib, sözümə inanasan. Hərgah allah eləməmiş Əsgər pis adam olsaydı, mən sənin qızını ona istərdimmi? S o l t a n b ə y. Elə isə, allah xeyir versin, razıyam…. S ü l e y m a n (əl tutur). Allah xeyir versin, allah hər ikisini xoşbəxt eləsin. Oğul-uşaq sahibi olsunlar. S o l t a n b ə y. (durur). İndi buyur də, buyur, gedək o biri otağa çaydan-zaddan içək, söhbətimizi də orada edək. (Durub, o biri otağa keçirlər.) A s y a (daxil olur, tək). Vallah, heç belə gözəl oğlan olmaz. Ömrümdə də görməmişəm. Qoy indi də bu qapının deşiyindən baxım, (Əyilib qapının deşiyindən baxır.) Mən də bu oğlana bənd olacağam. (Acıqla). Nə qayırım? Gülçöhrə gədənin birinə bənd olanda, mən niyə bəy oğlu kimi bir cavana bənd olmayım? Elə olaram ki, hələ Gülçöhrəni də ötərəm…. (Aşiqanə). Of, həqiqət, adamın adama gözü düşəndə əhvalı necə pərişan olur! (Oxuyur). M u s i q i Gözəlim, yar gözəlim. M u s i q i Bir sözüm var, gözəlim. M u s i q i Bu yazıq yarına hərdən Bir nəzər sal, gözəlim. (2dəfə) M u s i q i Aşiq oldum sənə mən. M u s i q i Etmədin lütfü kərəm. M u s i q i Bu yazıq yarına hərdən Bir nəzər sal, gözəlim. (2dəfə) M u s i q i Yanıram eşq oduna, Yetmədin fəryadına. Bu yazıq yarına hərdən Bir nəzər sal, gözəlim. (2 dəfə) M u s i q i Gözəlim, yar gözəlim…. Oynayır, sonra gedir. T e l l i (çıxır). Yaxşı ki, qonaq gəldi, məni ağamın əlindən qurtardı. Yoxsa oramı basdır, buramı basdır, oramı ov, buramı ov…. Daha həlak elədi məni. Belə şorgöz kişi olmaz. Vallah bir allah bəndəsi olsaydı, mənicə alardı, canımı qurtarardı. Amma hanı bir elə allah bəndəsi! (Deyən kimi qapı döyülür). Bu kimdir? Yoxsa allah bəndəsini yetirdi. (Gedib qapını açır, Vəli daxil olur). V ə l i. Soltan bəyin evi buradır? T e l l i. Hə, buradır, nə işin var? V ə l i. Sizdə bir nəfər qonaq varmı? T e l l i. Hə, var, necə? V ə l i. Daha nə üçün acığın tutur? T e l l i. Acığım nə üçün tutsun, sən kimsən? V ə l i. Mən kilimçi. (Kənara). Amma əcəb qızdır, yəqin bu qulluqçudur. T e l l i. Kilimçi nədir? V ə l i. Bir əvvəlcə de görüm sən kimsən? T e l l i. Mən bu evin qulluqçusuyam. V ə l i. Mən də o evin nökəriyəm. T e l l i. Hansı evin? V ə l i. Belə o evin, o…. T e l l i. Buy, elə bil gədə dəli olubdur. V ə l i. Dəli niyə oluram, maralım! T e l l i. Mən maral deyiləm. V ə l i. Belə məndən ötrü maralsan, bu canım sənə peşkəş. Belə, belə … belə…. (Oxuyur). M u s i q i Qoy xanımı bəy aparıb Tezlik ilə toy eləsin. (2 dəfə) Sənidəcə mən alaram, (2 dəfə) Mən də bir bəy olaram. T e l l i. Pulun var? V ə l i. Var, var. T e l l i. Pulun var, gələrəm! V ə l i. Bilirəm, gələrsən! Tel l i. Belə, belə yarımsan! V ə l i. Belə, belə canımsan! M u s i q i. Oynayırlar. T e l l i. Mən gedərəm ol kəsə ki, (2 dəfə) Onun pulu çox olsun. Onun pulu çox olsun, (2 dəfə) Dərdi, qəmi az olsun. Pulun var? V ə l i. Var, var. M u s i q i. Oynayırlar. İ k i s i b i r y e r d ə. Qoy xanımı bəy aparıb, Tezlik ilə toy eləsin. (2 dəfə) V ə l i. Sənidəcə, mən alaram. T e l l i. Mənidəcə sən alarsan. V ə l i. Mən də bir bəy olaram. (2 dəfə) T e l l i. Sən də bir bəy olarsan. (Tək). Pulun var? V ə l i. Var, var. M u s i q i. Oynayırlar. T e l l i (xoşuna gəlir). Əşi tez ol, sözünü de görüm nə istəyirsən? V ə l i. Səni istəyirəm, səni. Bildinmi? T e l l i. Buy, əcəb işə düşdüm. V ə l i. Gözümün, işığı, get, o qonağa deynən ki, bir qapıya çıxsın, sözüm var. (Telli gedir). Yeri maralım, yeri. Yeri ceyranım, yeri. Əcəb qızdır. Vallah, qoy ağam qızı alsın, mən də bunu alım, ikimizin də toyu bir gündə olsun. (Əlini-əlinə sürtür). S ü l e y m a n və S o l t a n b ə y çıxırlar. S ü l e y m a n. Hə, Vəli, sənsən? Bildim nə üçün gəlibsən, gəl gedək. (Soltan bəyə). Bəy, hələlik xudahafiz. S o l t a n b ə y. Xudahafiz, salamat ol. (Gedirlər. Soltan bəy Süleymanı ötürüb qayıdır). Ay qız, Telli. Gülçöhrəni, Asyanı bura çağır gəlsin. Qıza da deyim görüm nə olur…. Bəli, dünyanın işi belədir…. Bir vaxt var idi biz də cavan idik…. İndi…. Q ı z l a r gəlirlər. S o l t a n b ə y. Hə, oturun görüm. Ay qız Gülçöhrə, nə üçün belə bikef görünürsən? Nə olub ki, naxoş deyilsən ki? G ü l ç ö h r ə. Xeyr ata, yaxşıyam. S o l t a n b ə y. Çox gözəl, qızım, bilirsən nə var? G ü l ç ö h r ə. Xeyr, ata. S o l t a n b ə y. Bəs elə isə bil: səni ərə verirəm. G ü l ç ö h r ə hərəkət edir. T e l l i şad olur. A s y a heyfsilənir. A s y a (kənara). Heyf, oğlan əlimdən çıxdı. G ü l ç ö h r ə. Ay qız, mənim nə vaxtımdır ki, ərə gedim? S o l t a n b ə y. Lap yaxşı vaxtındır. Uşaq ki, deyilsən. Hər bir şeyi bilirsən, anlayırsan. Səni bir tacir oğlana verirəm ki, həm cavan, həm pullu, həm mallı…. G ü l ç ö h r ə. Ata, acığın tutmasın, mən ərə gedən deyiləm. S o l t a n b ə y (mülayim). Bax, axmaqlama. Mən elçiyə söz verdim getdi. A s y a (kənara). Allah sənə şükür, gələn oğlan elçi imiş. G ü l ç ö h r ə. Yox ata, mən ərə getmək istəmirəm. S o l t a n b ə y. Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. G ü l ç ö h r ə. Yox ata, doğru sözümdür, mən ərə getmək istəmirəm, istəyirsən vur məni öldür, ərə vermə. S o l t a n b ə y. Deyəsən, sən doğrudan danışırsan. (Bərkdən). Nə axmaq sözdür, necə yəni ərə getmək istəmirsən? Evdə qalıb qocalıb qartımayacaqsan ki? G ü l ç ö h r ə (ağlayır). Mən ərə getmək istəmirəm. S o l t a n b ə y (lap bərkdən). Sən allah qudurğan olma. Sənin nə haqqın var söz danışmağa. Atan səni ərə verir, sənin borcun itaət eləməkdir. A s y a. Əlbəttə, Gülçöhrə, atan nə deyir, sən ona qulaq as, indi ki, səni ərə verirlər, sənin borcun getməkdir. Daha burda artıq çek-çevir olmaz ki…. G ü l ç ö h r ə. Qoy atam məni öldürsün, amma ərə verməsin. A s y a. Axı sənin danışmağa nə haqqın vardır. S o l t a n b ə y. Sənə deyirəm ki, axmaq olma. Mən səni elə adama ərə verirəm ki, daha eləsin tapmazsan. Sən nə fikirdəsən? G ü l ç ö h r ə. Sən o adama Asyanı ərə ver, qoy mən evdə qız qalım. S o l t a n b ə y. Nə boş-boş danışırsan. Asyanı istəyən olsa, onu da ərə verəcəyəm. İndi səni istəyirlər, gərək əvvəl səni verim. A s y a. Əlbəttə, elədir. G ü l ç ö h r ə. Mən ərə getmək istəmirəm. S o l t a n b ə y (acıqlı). Sənin borcun deyildir, ağzın nədir getməyəsən. Atan sənə buyurur get, get! Çox o yan-bu yan eləsən, tutub qulağından mıxlaram divara. (Gülçöhrə ağlayır…. Sükut. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. Bir azdan sonra mülayim dillə deyir.) Qızım, sən elə bilirsən ki, mən səni pis adama ərə verirəm? Sən onu yəqin bil ki, belə oğlana gedəcəksən ki, padşah balası kimi; özü cavan oğlan, tacir, pulu çox, dövləti çox. Bəs dəliyəm ki, səni pis yerə verim? Sən mənim gözümün işığı tək qızımsan, mən səni bədbəxt elərəmmi? (Tutub qızının alnından öpür). Sən qoca atanın sözünə qulaq as, dəlilik eləmə! G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ay ata, vallah ərə getməyə heç könlüm yoxdur. Necə eləyim? Sən məni ərə vermə, qoy evdə qalım. S o l t a n b ə y. Qızım, inad olma! Atan nə deyir, sən də ona itaət elə, eləməsən allah səni xoşbəxt eləməz, bədbəxt olarsan və onu yəqin bil ki, mənim sözüm sözdür. Mən kişiyə söz verdim, allah qoysa, bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə, ərin dövlətli, özü yaxşı adam; oğul-uşaq sahibi olarsan, ev yiyəsi olarsan, mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən deyənə qulaq as. G ü l ç ö h r ə. Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. A s y a qorxusundan guya üzünü cırır, təəccüb edir. S o l t a n b ə y (təəccüb və heyrətlə). Qızım sən istədiyin kimdir, söylə görək. A s y a qorxur. Musiqi. G ü l ç ö h r ə. (Oxuyur). Məni saldı olmaz dərdə, arşın mal alan, (2 dəfə) Qalmadı heç taqət məndə, yanaram. (2 dəfə) Gündüz-axşam fikrim, zikrim, arşın mal alan, (2 dəfə) Ola bilməz özgə fikrim, arşın mal alan, (2 dəfə) Onu görcək aşiq oldum, arşın mal alan, (2 dəfə) Günü-gündən dərdə doldum, yanaram. (2 dəfə) S o l t a n b ə y (bərk hirslənir). Qızım, arşın mal alan kimdir? (Kənara). Yoxsa o xalası olandır? G ü l ç ö h r ə. Mən getsəm, ona ərə gedərəm. S o l t a n b ə y. (Birdən qışqırır). Nə danışırsan, axmaq qızı axmaq. Bazarın gədəsinə ərə gedəcəksən, dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşiq olubdur, pəh-pəh, pəh! İndi bildim ki, nə üçün ərə getmək istəmirsən. Amma onu sən yəqin bil ki, əgər belə axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram ki, bir kərə nəfəsini çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşınmalçıya baxırsan. Qoy bir o arşınmalçı gözümə görünsün: ona mən bir patron çaxım ki, iyi-tozu qalmasın. Onu bil ki, mənə Soltan bəy deyərlər. Mən binamusluğu qəbul edən adam deyiləm. Səni də öldürərəm, onu da öldürərəm! G ü l ç ö h r ə (ağlaya-ağlaya). Ata, vallah, öldür mənim canım qurtarsın. S o l t a n bəy (çığıra-çığıra). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşınmalçı adı tutsan, səni tikə-tikə doğracayam. Belə binamusluq olar ki, mənim qızım gədə-güdəyə bənd olsun? (Ayağını yerə vurur). Dur bu saat rədd ol gözümün qabağından. İtil burdan, binamus. (Gülçöhrə durub bərk ağlaya-ağlaya gedir. Soltan bəy hövlnak ora-bura gəzir. Asya və Telliyə.) Nə vaxt arşınmalçı, bura gəlmişdi? A s y a (qorxa-qorxa). Vallah, xəbərim yoxdur. S o l t a n b ə y. Necə xəbərin yoxdur? Yalandan məndən gizləyirsiz. Cəhənnəm olun siz də burdan. (Asya və Telli qaçırlar.) Əcəb başıma kələk gəldi; itin birisi qapıma gəlib qızımı özünə bənd eləyir; belə də binamusluq olar? İndi başa düşürəm ki, nə üçün xalasının əvəzində qızımı istəyirmiş. Cəhənnəm olsun onun xalası da, istəmədik…. Qız lap dəli kimi olubdur. Gərək tezliklə ərə verim, çıxsın getsin, yoxsa işdən sonra bir xata çıxar. Süleymanı görsəm deyəcəyəm ki, Əsgərə xəbər versin ki, gəlib qızı götürüb qaçsınlar, yoxsa görünür ki, xoşa-xoşluqla getməyəcəkdir. Mənim də hirsim tutar, vurub öldürərəm. Ay qız, Asya, Telli. Bura gəlin. (Asya və Telli daxil olur.) Bax, mən gedirəm bazara, siz Gülçöhrəyə öyüd-nəsihət edərsiniz, onu başa salarsınız. Yoxsa vallah, allaha and olsun hamınızı qıraram. (Gedir bazara). A s y a (Telliyə acıqla). İndi biz fəqir nə qayıraq, bizdə nə taqsır var ki, Gülçöhrə bir gədəyə aşiq olubdur. Ay qız get Gülçöhrəni çağır bura. (Telli gedir.) Gör, sən allah. Qızın cürətinə bax. Atasına açıq deyir ki, arşınmalçıya bənd olmuşam. Lap xatadır bu qızın işi. G ü l ç ö h r ə ilə T e l l i gəlirlər. G ü l ç ö h r ə yenə taxtın üstə yıxılır. M u s i q i A s y a və T e l l i. Bəsdir bunca ahü zarın (2 dəfə) Nəyə lazım bu fəryad (2 dəfə) Layiqdirmi ola yarın, (2 dəfə) Atan ola sənə yad! (2 dəfə) G ü l ç ö h r ə. Getmiş əldən ixtiyarım, (2 dəfə) Kimsədən yox heç imdad. Ağlar oldu böylə halım, Necə qılmam mən fəryad?! (2 dəfə) A s y a və T e l l i. Heç yaraşmaz ah edəsən. (2 dəfə) Gəl ol sən də biz tək şad. (2dəfə) Səy qıl kim qala səndə (2 dəfə) Xalq içində yaxşı ad. (2 dəfə) M u s i q i P ə r d ə * * * Dördüncü məclis Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir. Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir). Bir qədər sonra qapı açılır. G ü l ç ö h r ə n i qaçırıb gətirirlər. Bir neçə oğlan Gülçöhrənin qolundan tutub onu içəri salırlar və qapını örtüb gedirlər. Gülçöhrə bərkdən ağlaya-ağlaya taxtın üstünə yıxılır…. Bir az keçəndən sonra deyir: G ü l ç ö h r ə. Ox. Bu nə əzabdır mən çəkirəm. Məni güclə, zorla ərə verirlər. Bilmirəm kimə verirlər, məni sevdiyimdən ayırırlar. İstəmirəm mən bu dövləti, bu dəstgahı. Mən öz sevgilimi istəyirəm. (Üzünü örtüb ağlayır.) M u s i q i G ü l ç ö h r ə. Hicran dərdi, fələk verdi, Bunca cəfanı layiq gördü. (2 dəfə) Yoxdur taqət, səbrə halət. Ölmək yaxşıdır, nə ki bu zillət. (2 dəfə) Ey xuda rəhm et, ey xuda rəhm et! Qıl mədəd ya rəb, mən yazığa rəhm et! M u s i q i Yox, mən bu hala davam edə bilmərəm. Daha məndə tab və taqət yoxdur. Hamısından yaxşısı budur ki, bir kərəlik özümü boğum öldürüm, canım qurtarsın. (Dəsmalın açıb burur ki, özünü boğsun, lakin bu əsnada "Arşın mal alan…." səsini eşidib təəcüblə qulaq asır və eşitdikcə keçmiş günlərini yada salır. Əsgər pərdə dalında oxuyur: "Arşın mal alan!" Axıra kimi oxuyub qurtarır.) M u s i q i Ə s g ə r daxil olub, salam verir. G ü l ç ö h r ə (təəccüblə baxır). Sənsən, yoxsa özgədir? Ə s g ə r. Mənəm, mənəm, Gülçöhrə, arxayın ol. G ü l ç ö h r ə (ağlayır). Görürsən mənim başıma nə işlər gətirirlər? Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Sən buraya nə sayaq gəldin? Səni burada görsələr öldürərlər…. Mümkün varsa, gəl qaçaq. (Əcələ ilə dartır.) Ə s g ə r (gülür). Hara qaçaq öz evimizdən? G ü l ç ö h r ə (heyrətlə). Nə danışırsan, bura kimin evidir? Ə s g ə r. Bura mənim evimdir, sonra da olacaq sənin evin. G ü l ç ö h r ə. Heç başa düşmürəm? Məni kim götürüb qaçıbdır? Ə s g ə r. Mən göndərdiyim adamlar. G ü l ç ö h r ə (fikirli). Bəs mən elə bildim ki, məni atam verdiyi tacir oğlanın adamları götürüb qaçıblar. Ə s g ə r. Əlbəttə, elədir. Gülçöhrə (lap heyran qalır). Yenə başa düşmədim, allah eşqinə, məni başa sal görüm bu nə kələkdir. Ə s g ə r (gülür). Bax, Gülçöhrə. Sənə aşiq olan arşınmalçı da mənəm, atan ərə vermək istədiyi tacir oğlan da mənəm. Mən yalandan arşın mal satan olub özümə qız axtarırdım ki, axırda səni tapdım və atandan istədim, o da verdi, amma atan bilmədi ki, mən arşın mal satan oğlalam, çünki o əvvəldən məni görməyibdir. G ü l ç ö h r ə (nazla). Ay biinsaf. Bəs mənə yazığın gəlmədi ki, bu qədar əziyyət çəkdim, əzab çəkdim, atam məni öldürməli oldu. Özümü öldürməli oldum…. (nazla). Belə bilsəydim, səni sevməzdim…. Ə s g ə r. Bəs burası var ki, bu şadlığımız bütün o əziyyətləri yuyur aparır, elə deyilmi maralım, Gülçöhrə? G ü l ç ö h r ə (axırda razı olur). Elədir. Ə s g ə r. Di gəl bəri, gedək otaqları bir-bir gəzək və xalamı da görək. (Gedirlər o biri otağa.) Bu halda bayır qapıdan S o l t a n b ə y daxil olur. S o l t a n b ə y. Vallah, yenə ata ürəyidir, tab gətirmədi, dedim gedim görüm, bəlkə qız, xudanəgərdə, özünə bir xəsarət yetirdi. (Ora-bura baxır.) Bəs hanı bunlar? Ay uşaqlar, kim var? Ə s g ə r daxil olur. Ə s g ə r. Salaməleyküm, Soltan bəy, sən bizə xoş gəlmisən. S o l t a n b ə y (əvvəl xoş üzlə, sonra təəccüblə). Balam, sən…. Sən Əsgərsən? Yoxsa o arşın mal satan? Ə s g ə r. Xeyr bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm, sənətim də tacirlikdir. S o l t a n b ə y. Deyirəm axı, ancaq mənim gözümə belə görükdü ki, qabağımda o gədədir. Ə s g ə r. Hansı gədə? S o l t a n b ə y. Heç, bir gədə var idi, arşın mal satardı. Ə s g ə r. Bilirəm, sən istədin ki, onun xalasın alasan, o da əvəzində səndən qızını istədi, özü də acıqlanıb qovdun, elədirmi? S o l t a n b ə y (təəccüblə). Elədir…. Balam sən hardan bildin? Ə s g ə r. Necə bilməyim ki, o mən özüm idim…. S o l t a n b ə y (heyrətlə.) Nə danışırsan? Ə s g ə r. Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm sonra alım. S o l t a n b ə y. Doğru deyirsən? Ə s g ə r. Budur, qızın təsdiq edər. (Çağırır Gülçöhrəni.) Gülçöhrə! G ü l ç ö h r ə (daxil olub atasına tərəf gedir). Bax, ata, həm sən deyən oldu, həm mən deyən. Əsgər bizi kələyə qoyub sənin acığına və mənim də əzabıma səbəb oldu, bütün təqsir bundadır. S o l t a n b ə y (ayılır). Hə, indi başa düşdüm, çox kələkbaz imişsən. Rəhmətlik sənin atan heç belə deyildi. Ya allah. (Əl verir.) Çox gözəl, çox pakizə, vay səni Əsgər. Amma əcəb kələkbaz imişsən. (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan necə oldu, hə? Həqiqət, o, sənin xalan idi, yoxsa o da kələk idi? Ə s g ə r. Xeyr, doğrudan xalamdır. S o l t a n b ə y. Yəqin özü də duldurmu? (Sevinir). Ə s g ə r. Bəli, duldur. S o l t a n b ə y. Hə, di ver gəlsin də! Ə s g ə r. Gəlsin, nə deyirəm, Gülçöhrə, zəhmət çək xalamı çağır. G ü l ç ö h r ə gedir. S o l t a n b ə y. Gəlsin, onu alım da! O dul, mən dul; həkim də mənə deyib ki, gərək arvad alam. Mən bilən həkim xalanı da görsə deyər ki, ərə get. Ə s g ə r. Nə sözüm var ki, al də, al ikibaşlı qohum olaq. İndi bildinmi, ikibaşlı qohum nədir? S o l t a n b ə y (gülür). Bildim, bildim, a kələkbaz. G ü l ç ö h r ə və C a h a n daxil olurlar. S o l t a n b ə y (Cahana). Əşi, gəl də!… İrəli gəl! Görürsən sənin, sənin bu bacıoğlun nə kələkbaz imiş…. Hə, indi nə deyirsən, bir nəfər molla, bir kəllə qənd və üç manat pulla aran necədir? Deyirəm ki, elə Əsgərlə Gülçöhrənin və səninlə mənim toyumuz bir olsun. C a h a n. Nə deyirəm, allah xeyir versin. H a m ı. Amin, amin. S o l t a n b ə y. Balam, o uşaqlar evdə tək qaldılar, nigarandılar. Sizin gədəni göndərin Asya ilə Tellini bura gətirsinlər. Ə s g ə r. Bu saat gedim göndərim. (çıxır). S o l t a n b ə y Əşi, vallah, sevindiyimdən elə bilirəm ki, cavan oldum…. (Tez dilin dolayır). Yəni qoca da deyiləm, elə cavan kimi bir oğlanam. Maşallah olsun mənə. Ə s g ə r gəlir. Ə s g ə r. Göndərdim getdi. Bu halda S u l e y m a n daxil olur. S ü l e y m a n. Salamünəleyküm. S o l t a n b ə y. Paho Süleyman, əleykəssalam, balam sənin bu dostun nə kələkbaz imiş!… S ü l e y m a n. Bəli, çox kələkbazdır. Bilmirəm kimdən öyrənibdir. Ə s g ə r. Necə kimdən öyrənmişəm? Bunun hamısını sən öyrətmədinmi? Odur, xalam desin! C a h a n. Doğrudur, bütün bu kələklərin başçısı Süleymandır, o öyrətdi. S o l t a n b ə y. Belə imiş!… Süleyman, mən səni heç belə bilməzdim, bu işləri haradan öyrənibsən? S ü l e y m a n. Bəy, öz başımdan çıxardıram. S o l t a n b ə y. Ay sənin başın var olsun. S ü l e y m a n (birdən Gülçöhrəni görüb diqqət yetirir.) Yaxşı Gülçöhrə budur? Ə s g ə r. Bəli, budur. S ü l e y m a n. Bəs mən gördüyüm qız buna oxşamır. S o l t a n b ə y. Sən yəqin Asyanı görübsən. S ü l e y m a n. Asya kimdir? S o l t a n b ə y. O mənim qardaşım qızıdır. S ü l e y m a n (sevinir). Hə? Əşi, elə isə mən nə üçün bikar qalım. Ver, mən də toy edim də!… S o l t a n b ə y. Doğru deyirsən? S ü l e y m a n. Əlbəttə! S o l t a n b ə y. Verdim, al! H a m ı. Allah xeyir versin, allah xeyir versin. Nə əcəb oldu! S ü l e y m a n (kənara). Bax mərd yoldaşın axırı belə olar. Bu halda A s y a, T e l l i və V ə l i daxil olurlar. S o l t a n b ə y. Bax budur gəldilər. Ay qız, Asya, bu oğlana səni versəm gedərsənmi? A s y a (utana-utana). Bəli, gedərəm. S o l t a n b ə y. Qoçaq qızsan, Gülçöhrədən ağıllı oldun, çox gözəl, çox pakizə. (Vəli ilə Telli bir-birinə baxırlar. Vəli bərk ah çəkir). Ədə, nə yaman ah çəkdin, bala nə dərdin var ki? Ə s g ə r. Nə dərdi olacaqdır…. Gülçöhrəni mənə verdin, Asyanı Süleymana verdin, xalamı özün alırsan, indi Tellini də ver ona də!… H a m ı. Doğrudur, doğrudur. S ü l e y m a n (Vəliyə). Hə, dedim ki, axı sən də hazırlaş. S o l t a n b ə y. A qız, Telli, Vəliyə gedərsənmi? T e l l i (mərd-mərdanə). Bəli, gedərəm. S o l t a n b ə y. Vəli, sən Tellini alarsanmı? V ə l i (utanır və birdəi-birə). Bəli, alaram. (Gülür). H a m ı. Allah xeyir versin. S o l t a n b ə y. Yaxşı, balam, toylarımızı nə vaxt başlayaq? H a m ı. Elə günü bu gün. S o l t a n b ə y. Bəs elə isə başlayaq, düzülün! C ü t-c ü t olub oynayırlar. Əvvəlcə musiqiyə görə ağır, sonra musiqi tezləşdikçə tez-tez oynayırlar, ta ki, pərdə düşür. P ə r d ə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-arsin-mal-alan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.