Ər və arvad Üzeyir Hacıbəyov (1885–1948) Ər və arvad Üç pərdəli operetta İştirak edirlər Kərbəlayı Qubad – 40 yaşında Kərbəlayı Qubadın kənddəki qoca arvadı Mərcan bəy – cavan Minnət xanım – onun arvadı Gülpəri – qulluqçu Səfi – nökər Qeyri nökərlər, tarzən, xanəndə, xor və qeyriləri * * * Birinci pərdə Vaqe olur Mərcan bəyin otağında; otaq Avropa qaydasında düzəlmişdir. Musiqi çalınır. Mərcan bəy tək; pərdə qalxır. Mərcan bəy. Mən bir kişiyəm, düşmüşəm arvadın əlinə, (2 dəfə) Əldən qoya gər dolayacaq məni dilinə, (2 dəfə) Bəs mən nə edim kim, qurtarım böylə bəladan; Təxlisi-giriban eləyim cövri-cəfadan. (2 dəfə) (Musiqi) Allah səni vursun, belə arvad, belə arvad! (2 dəfə) Kim etdi səni mən fəqirə tuş, a bədzad? (2 dəfə) Saldı çatını dar boğazıma, məni boğdu, Eylədi mənim zəhmətimi on dəfə min qat. (2 dəfə) (Musiqi) Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə) Çünki başqa əlacı yoxdur, boşamasam çatlaram. Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə) Tərs kimi, kəbin pulu da beş min manat yazılıb. Bəs mən nə edim kim, həmi arvadı boşayım, Həm də kəbin pulu cibimdə qalsın, Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə) Minnət xanım (tələsik daxil olur). Bu saat mənə de görüm, udmusan, yoxsa uduzmusan?.. Tez ol! Mərcan bəy (özünü itirib). Udmuşam! Yox... Belə uduzmuşam! Yox, mən qumar oynamamışam ki, udam, ya uduzam, əvvəla. İkiminciyə qalan yerdə, çox da udmuşam, ya çox da uduzmuşam, sənə nə? Minnət xanım (qeyzlə). Mənə nə? Mənə nə?.. Mərcan bəy (lap özünü itirir). Məsələn deyirəm! Minnət xanım. Çıxart bu saat cibindəki pulları mənə ver! Mərcan bəy. Əcəb ekspropriatorsan, “руки вверх!” Minnət xanım. Tez ol, işim var! Mərcan bəy. İşin var, get işinə! Ancaq məndən əl götür. Cibimdə beş-altı şahı var, o da özümə lazımdır. Bu gün müsəlman qəzetəsi alıb oxuyacağam. Daha bundan sonra mən millətpərəst olmuşam. Minnət xanım. Bura ver pulu! Mən özüm aldıraram, oxuyarsan. Mərcan bəy. Minnət! Sənin bu cürə hərəkətin çox pis hərəkətlərin birisidir. Heç bilirsən bu cürə hərəkətlərin adına rusca nə deyirlər? Bu hərəkətlərə deyirlər: вмешательство во внутренние дела, yəni mənim öz məxsusi işimə sən qarışırsan. Qoymursan ki, mən öz işimi özüm görüm. Canım, mən səni aldım ki, mənə arvad olasan, nəinki üstümdə qəyyum! Mənə qəyyum lazım deyil. Allaha şükür, həddi-büluğa çatmışam, ağlım başımdadır. Özüm də camaat arasında sayılan bir kişiyəm; belə olan surətdə sənin nə haqqın var ki, mənim cibimə girəsən? Minnət xanım. İndi beləmi, Mərcan?! Beləmi? Çox əcəb! Zərər yoxdur. Bir də sən məndən pul istəsən, onda özün bil! Xudahafiz! (Tez gedir.) Mərcan bəy. De görüm, ay camaat! Tutubdur ki, gərək ciblərini soyam. Bu nə kələk idi mən özümü saldım, ay camaat!.. Bu nə kələk idi? Pulun ola, malın ola, amma arvad sənə göz verə, işıq verməyə? (Musiqi) Nəzr eyləmişəm, iş düşə arvadı boşayam, (2 dəfə) Çünki başqa əlacı yoxdur, boşamasam, çatlaram. Heç bilmirəm, amma, nə kələk mən gəlim ona, (2 dəfə) Tərs kimi, kəbin pulu da beş min manat yazılıb. Bəs mən nə edim kim, həmi arvadı boşayım, Həm də kəbin pulu cibimdə qalsın. Həm də yenə bir arvad alım, sözümə baxsın. (2 dəfə) Musiqi: tarda şur çalınır, Kərbəlayı Qubad daxil olur. Kərbəlayı Qubad. Səlamünəleyküm. Mərcan bəy. Ay əleyküməssalam. Kərbəlayı Qubad. Ağanın kefi-əhvalı necədir? Mərcan bəy. Sağ olasan, Kərbəlayı, çox yaxşıdır. (Kənara) Başıma bir yaxşı fikir gəlibdir, görüm mənim arvadımı bu kişi ala bilərmi? (Musiqi) Mərcan bəy. Kəblə Qubad, gəl bəri! Kərbəlayı Qubad. Baş üstə, baş üstə. Mərcan bəy. Bir qulaq ver sən mənə! Kərbəlayı Qubad. Baş üstə, baş üstə. Mərcan bəy. Mən sənə söz söyləyim. Kərbəlayı Qubad. Sən buyur, sən buyur. Mərcan bəy diqqətlə Kərbəlayı Qubadın üzünə baxır. Mərcan bəy. Mənə bir söylə görüm, Kərbəlayı Qubad, Qubad, neçə danə arvadın var, ay neçə danə arvadın var? Tez söylə görum! Kərbəlayı Qubad. Bir danə! Mərcan bəy. Tək bircə danə? Kərbəlayı Qubad. Bir danə. Mərcan bəy. Bəs necəsən, Kablayı, sən? Bəs necəsən, Kablayı, sən! İstəyirsənmi cənə bir danə arvad alım, ay! Özü dövlətli ola! Kərbəlayı Qubad. Özü dövlətli ola?.. Mərcan bəy. Yaxşı pulu var, dövləti var! Kərbəlayı Qubad. Yaxşı pulu var, dövləti var? Al, sənə mən qurban olum. (2 dəfə) Mərcan bəy. Kərbəlayı Qubad! Sən özün bilirsən ki, bir arvad ilə kişinin ömrü keçməyir; ona görə kişiyə heç olmasa iki danə arvad lazımdır. Belədir, belə deyil?.. Kərbəlayı Qubad. Doğrudan da, mənim də ağlım kəsir ki, iki arvad salahdır. Əlbəttə, kişinin hər bir ləvazimatı iki olsa dəxi yaxşı olar. Buna kimin bir sözü ola bilər. Mərcan bəy. Yox, məndən sənə əmanət! Arvadını həmişə iki saxla, kişi olan şəxsin arvadı gərək qoşa ola və “Molla Nəsrəddin” jurnalı əbəs yerə bu barədə danışmır. Kərbəlayı Qubad. Belə görürəm ki, bəy, fərmayişatın hamısı doğrudur. Məsələn, mənim, üzüm ayağının altına, eyb olmasın, bir danə arvadım var; özü də kənddə; deməli, mən şəhərdə lap tək qalmışam. Əlbəttə, əgər bir arvadım da şəhərdə olsa idi, heç halıma təfavüt eyləməzdi. Halbuki indi halıma bərk təfavüt eyləyir. Bəy, təvəqqe eyləyirəm ki, bu biədəb sözlərimi bağışlayasınız. Mərcan bəy. Zərər yoxdur, doğru sözdür ki, danışırsan. İndi mən özüm də niyyət eyləmişəm ki, iki danə arvad alam, indi mən istəyirəm ki, əvvəlcə öz arvadımı boşayam; çünki mən bu arvadı heç istəmirəm. Kərbəlayı Qubad. İstəmirsən, boşa! Daha nəyə məəttəlsən? Mərcan bəy. Boşaram. Ancaq iş burasındadır ki, qabaqda axmaqlıq edib, kəbin pulunu beş min manat yazdırmışam. Kərbəlayı Qubad. Əcəb sözdür, kəbin pulu nədir, zad nədir? Bir-iki dəfə üzünə baxma, inciyib onda özü deyər ki, kəbinim halal, canım azad. Mərcan bəy. Vallah, onun özü məni o qədər incidib ki, az qalmışam özüm deyəm ki, kəbinim halal, canım azad, məndən əl çək. (Bu əsnada qapıdan səs gəlir.) Dur gedək o biri otağa, burada bizi pusarlar. Gedirlər; Minnət xanım daxil olur. Minnət xanım. Mənim adım Minnətdir; Yerim burda cənnətdir. Təzə ayı gördükdə Mənə baxmaq sünnətdir. (2 dəfə) Gəl məni gör, dərdimdən öl! Mənim adım Minnətdir; Gəl məni gör, dərdimdən öl! Yerim burda çənnətdir. (Musiqi) Sizə doğrusun deyim, Ərimin başı yoxdur. Ağlı yoxdur axmağın, Qədrimi bilmir, bilmir. (2 dəfə) Gəl məni gör, dərdimdən öl! Mənim adım Minnətdir; Gəl məni gör, dərdimdən öl! Yerim burda cənnətdir. (Musiqi) Belə fikri vardır kim, Məni boşasın, özgəsin alsın. Onu bilmir ki, axmaq, Belə fikri müşküldür. (2 dəfə) Gəl məni gör, dərdimdən öl! Mənim adım Minnətdir: Gəl məni gör, dərdimdən öl!. Yerim burda cənnətdir. (Musiqi) Mərcan bəy tez daxil olur. Mərcan bəy. Bu nə səs-küydür burda? Qonağım vardır orda. Səsin düşüb hər yana, Çığırırsan, ay... arvad! Minnət xanım (gedir o tərəfə). Əcəb eyləyirəm mən, İstəmirsən, çıx get sən. Qulağına pambıq tut, Boynuna sal ağ kəfən. (2 dəfə) Gəl məni gör, dərdimdən öl! Mənim adım Minnətdir; Gəl məni gör, dərdimdən öl! Yerim burda cənnətdir. Mərcan bəy acıqlı-acıqlı çırtıq vurur. Minnət xanım. İndi buyura bilərsən. Buyura bilərsən! (Gedə-gedə) Buyur, buyur, buyur! Mərcan bəy. Tfu!.. Minnət xanım. Tfu!.. Mərcan bəy. Tfu!.. (Gedir.) Minnət xanım. Tfu!.. (Gedir.) Səfi (daxil olur). Tfu!.. Süpürək! Mərcan bəy (Kərbəlayı Qubad ilə daxil olurlar). Tfu!.. Balam, gedək o biri otağa. (Gedirlər.) Səfi. Bu canım ölsun ki, bularda bir kələk var; gedim görum nə danışırlar. Gedir dallarınca. Minnət daxil olur və tez yüyürüb pərdənin dalında gizlənir. Mərcan bəy (daxil olur, dalınca Kərbəlayı Qubad əvvəlki qərar ilə). Balam, orada olmadı, gəl yenə burada danışaq. İndi, Kərbəlayı, mən istəyirəm ki, arvadımı boşayam, ona görə də... Səfi (daxil olur). Bəy, çay gətirim? Mərcan bəy. Allahü-əkbər! (Çığırır.) Gədə, rədd ol! Bir də bu otağa girmə, xəlvət sözüm var. (Nökər gedir.) Mənim arvadımın kəbin pulu beş min manat eləyir, əgər bu beş min manatı... Səfi (daxil olur). Ağa, istəyirsiniz qapıları daldan bağlayım? Mərcan bəy. Pa atannan, yeri, gədə yiyəsi! A gədə, qoçaq, mən səni çağırmayınca sən bu otağa girmə! Səfi. Baş üstə, ağa (Gedir.) Mərcan bəy (qapılara qulaq asıb, sonra deyir). İndi mən bilməyirəm kn, arvadımı nə tövr boşayım. Kərbəlayı Qubad. Nə qayırım, arvad mənim olaydı, görəydin ki, nə tövr boşayırdım. Mərcan bəy. Bu cürə arvadı sən də boşaya bilməzdin. Kərbəlayı Qubad. Xeyr, boşayardım. Mərcan bəy. Yaxşı, nə tövr edərsən? Kərbəlayı Qubad. Onu mən bilirəm, sənə demərəm və bir də mən arvad almağın da yolunu bilirəm, boşamağın da, amma siz oxumuşlar o cürə şeyləri dürüst bilməzsiniz. Sizin bu curə səriştəniz olmaz. Mərcan bəy. Yaxşı, sən heç ухаживать eləmisən ki, belə danışırsan? Kərbəlayı Qubad. Eləmişəm, amma bilmirəm ki, ухаживать nədir, çünki urusca savadım yoxdur. Mərcan bəy. Kərbəlayı Qubad, indi ki, sən belə mahir kişisən, gəl bir iş eyləyək. Kərbəlayı Qubad. Nə iş?.. Mərcan bəy. Bax, əgər mən arvadımı boşasam, onda gərək beş min manat kəbin pulu verəm. Amma əgər sən bir iş görə bilsən ki, arvadım mənə deyə kəbinim halal, canım azad və məndən çıxıb gedə, onda sənə iki min manat nəqd pul verərəm. Anladınmı nə deyirəm? Kərbəlayı Qubad. Nə üçün, heyvan ki deyiləm, yaxşı anlayıram. Mərcan bəy. Bacararsanmı? Kərbəlayı Qubad. Bacararam. Ancaq bunu bil ki, iki min manat çox azdır. Mərcan bəy. Paho, nə danışırsan? İki min manat iyirmi danə yüzlük eləyir. Kərbəlayı Qubad. Bəy, qorxuram zərər eyləyim, çünki kənddəki arvadım çox bədzat şeydir, sən gəl beş yuz manat da artır. Mərcan bəy. Zərər yoxdur, iki min beş yuz manat olsun! Kərbəlayı Qubad. Allah sənə ömür versin, indi, bəy, olmazmı ki, bu işi notarius əli ilə eyliyək? Mərcan bəy. Yaxşı, o da mumkündür. Gedək notariusun yanına; ancaq de görüm nə tövr edəcəksən? Kərbəlayı Qubad. Sən bir iş eylə ki, mən bu otaqda arvad ilə bir dəfə görüşüm, vəssalam. Ondan sonra sənin işin yoxdur. Mərcan bəy. Elə bu?.. Kərbəlayı Qubad. Elə bu, vəssalam. Mərcan bəy. Di onda gedək. (Gedirlər.) Minnət xanım (pərdənin dalından çıxır). Bəs belə, Mərcan, bəs belə; məni iki min beş yüz manata satmaq istəyirsən? Ha... ha... ha... Bəs belə, Mərcan! Məni iki min beş yüz manata satmaq istəyirsən? İndi görək kim bədzatdır; sən, yoxsa mən? (Çağırır.) Səfi! Səfi! Səfi (daxil olur). Nə buyurursan, xanım? Minnət xanım. Gülpərini tez buraya çağır. Nökər gedir. Musiqi. Gülpəri (daxil olur). Nədir dərdin sənin, xanım? (2 dəfə) Sənə nə olub, sənə nə olub, Cənə nə olub, kefsizsən? (2 dəfə) (Musiqi) Minnət xanım. Mənim dərdim var, Gülpəri! Sənə söyləyim dərdimi; Ona sən bir əlac eylə (2 dəfə) Mənim dərdimin dərmanı Ərimi aldatmaqlıqdır. Mənə nə olub, mənə nə olub, Mənə nə olub, bildinmi? (2 dəfə) Gülpəri, mənim ərim istəyir ki, məni iki min beş yüz manata satsın. Gülpəri. Buy, Allah o cürə ərin başına bir daş salsın! Minnət xanım. Qarğış eləmə. Təqsir ərimdə deyil. Gülpəri. Bəs kimdədir? Minnət xanım. Təqsir ərimin başındadır ki, içində beyin yoxdur. Gülpəri. Bəs mən də deyirəm ki, başına daş salsın, özünə ki, demirəm. Minnət xanım – Bax, Gülpəri, sabah bura bir kişi gələcəkdir. Onda sən üzünü bərk-bərk tutub və burada otur; o kişi başlayacaq səni tovlamağa və deyəcəkdir ki, gəl səni alım, onda sən də deginən yaxşı. Ancaq gərək ərimdəm boşanam sonra... O kişi sənə hər nə desə razı ol, bacararsanmı? Gülpəri. Elə bacararam! Hanı o bəxtəvər kişi, gəlsin görək. Minnət xanım. Sabah gələcəkdir. Sən bu saat mənə bir qədər kağız ilə mürəkkəb və qələm gətir. Gülpəri. Bu saat. (Gətirir.) Minnət xanım. İndi mən ərimin axmaq başına bir oyun açım ki, özü də məəttəl qalsın. Gülpəri. Buyur. (Kağız, qələm verir.) Minnət xanım. Mən kağız yazıram. (Yazır.) İndi, Gülpəri, sən get nökərlərin, qulluqçuların hamısını buraya çağır, gəlsinlər. Gülpəri. Bu saat. (Gedir.) Minnət xanım. İndi qoy bu kağızı Mərcan bəy oxusun, onsuz da dəli başı lap dəli olsun. Bu əsnada nökərlər, qulluqçular bir-birini basa-basa daxil olurlar. Yoğun aşpaz əlində kəfkir, qolları çirməkli; mehtər əlində xəlbir, üzü samanlı; birinin əlində süpürgə, suçiləyən və Gülpəri də gəlirlər. Minnət xanım. Ay uşaqlar, bilirsiniz nə var? Hamı. Xeyr, xanım, bilmirik. Minnət xanım. Mənim ərim məni satmaq istəyir. Hamı. Yox, belə iş ola bilməz; bu nə hərəkətdir, by nə bədnamçılıqdır. Minnət xanım. Amma... (Hamı sakit) Mən bir elə iş görəcəyəm ki, məni sata bilməyəcəkdir. Hamı (sevinclə). Ha, bu yaxşıdır. Minnət xanım. Amma... (Hamı sakit) Siz gərək mən deyən sözlərə, mən elədiyim işlərə dürüst diqqət edəsiniz. (Onlar dim-dik dururlar.) Və ərimə heç bir söz deməyəsiniz. (Onlar düz dururlar.) Əyər biriniz demiş olsa, vay onun halına! (Hamı tez aşağı oturub qalır.) Əyər mən deyənə qulaq assanız, hərənizə on manat pul bağışlayacağam. (Hamı sevincək ayağa qalxır.) Hamı. Sağ ol, xanım, sağ ol! Minnət xanım. Gülpəri, bayaqkı sözlər yadından çıxmasın. Səfi! Buraya gəl, bu kağızı al, Mərcan bəy gələndə ona verib deyərsən ki, bir nəfər qulluqçu arvad gətirdi və başqa heç bir söz demə! Səfi. Heç bir söz! (Musiqi) Minnət xanım. İnsaf eyləyin, bir baxın mənə! Mərcan eyləyir çox zəbun məni! (2 dəfə) Xor. Ay xanım, xanım, siz qəm etməyin, Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) Ağzı bir çuval, boynu şam piyi, Başı gərmək, burnu yelpənək; Əbləhin biri Kərbəlayı Qubad İstəyir gələ xanıma kələk. Ay xanım, xanım, siz qəm etməyin, Peşiman olacaq Mərcanın sənin. (2 dəfə) (Musiqi) Pərdə * * * İkinci pərdə Vaqe olur həmin otaqda. Pərdədən qabaq musiqi çalınır; sonra pərdə qalxır. Səfi tək. (Musiqi) Səfi. Bədnam oldun, Mərcan, bala-bala Camaatın içində. (2 dəfə) Ha, ha! Ha, ha! Ha, ha!.. Bədnam oldun, Mərcan, bala-bala (2 dəfə) Camaatın içində. Xor. Ha, ha! Ha, ha! Ha, ha, ha!.. Bədnam oldun, Mərcan, bala-bala. (2 dəfə) Camaatın içində. Səfi. Qıldı nəfsin tuğyan, bala-bala, Arvad ilə savaşdın. Bir tövr qıldı şeytan, bala-bala, Başdan dibə dolaşdın. Ha, ha, ha!.. Ha, ha, ha!.. Bədnam oldun, Mərcan, bala-bala Camaatın içində. Qapı döyülür. Hamı qaçır, tək bir Səfi qalıb, qapını açır, əlində süpürgə. Mərcan bəy daxil olur, dalınca Kərbəlayı Qubad. Mərcan bəy. Kərbəlayı, sən hələ qapıda gözlə; sonra mən səni çağıranda gələrsən. Səfi. Ağa, sənə bir kağız var, buyurun! Mərcan bəy. Nə kağızdır, kim verdi? Səfi. Dünən bir qulluqçu qız bunu gətirdi. Mərcan bəy. Kimin qulluqçusu idi? Səfi. Bilmirəm. (Gedir.) Mərcan bəy (kağızı oxuyur). “Ey mənim ruhi-rəvanım Mərcan bəy. Bir dəfə səni gördüm, aşiq oldum. İkinci dəfə gördüm, dəli oldum. Üçüncu dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım. Əyər sən mənə iltifat edib məni almasan və məni özünə arvad etməsən dəli-divanə olub, çöllərə düşəcəyəm. Ah-naləm səni tutacaq. Mən iyirmi üç yaşında bir nazəninəm ki, dərdimdən ölənlər çoxdur; amma mən də sənin dərdindən ölürəm. Əgər məni alsan, iki yüz min manatlıq malımı da sənə qurban edərəm. Məni görmək istəsən, sabah saat altıda gəlib, qapınızı təqqülbab edərəm... Sənə aşiq bir nazənin”. (Məbhut) Görəsən bu yuxudur, yoxsa gerçəkdir? Yox-yox, bu, yuxudur... Mən yuxu görürəm... Səfi! Səfi! (Çağırır.) Səfi (daxil olur). Nə buyurursan, ağa? Mərcan bəy. Səfi! Mən yatmışam, yoxsa oyağam? Səfi. Allaha şükür, oyaqsan. Mərcan bəy. Bərəkallah, Səfi! Bu kağızı sənə kim verdi? Səfi. Bir qulluqçu. Mərcan bəy. Kimin qulluqçusu idi? Səfi. Bilmirəm. Mərcan bəy. Nə dedi? Səfi. Dedi bu kağızı Mərcan bəyə ver. Mərcan bəy. Yaxşı, get. (Səfi gedir. Mərcan kağızı öpüb, qoyur gözlərinin üstünə.) Oxxay! A bu kağızı yazan əllər, a bu kağızı yazan əllərin sahibi! Sən ki mənim dərdimdən dəlisən, mən də sənin dərdindən dəli olacağam. (Ağlamsınır.) Ox, aşiq oldum, dəli oldum. Yox-yox, bu eşq məni öldürər. Mənim eşq bəlasına bir o qədər tabım yoxdur. Doğrudan da ki: məhəbbət bir belə şeydir, giriftar olmayan bilməz. Ey iyirmi üç yaşında nazənin! Sən iki yüz min manatını mənə qurban edirsənsə, mən də əlli min manatı sənə qurban edirəm və bir canımı da üstündə verirəm. (Bərkdən) Yox-yox, rədd olsun Minnət! Mən gərək onu bu gün boşayam, mən aşiqəm, aşiq! Qəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm. Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm. Kərbəlayı Qubad! Kərbəlayı Qubad! (Kərbəlayı Qubad daxil olur.) Başına dönüm, axı mən aşiq olmuşam. Cən allah, bu işi bu gün qurtar. Məni Minnətin üzündən xilas eylə, Allah atana rəhmət eyləsin. Zərər yoxdur, sənə iki min beş yüz əvəzinə, üç min manat verərəm. Mən aşiq olmuşam... Mənə aşiq... Mənə aşiq olublar... Mən də aşiqəm... Eşq vurub başıma. Oy, ürəyim xarab olur. Nə şirin şeydir bu eşq... Oy, bitab oldum. (Yıxılır səndəlin üstə, ürəyi bitab olan tək olur.) Kərbəlayı Qubad. Ağa, ağa Mərcan bəy! Ağa Mərcan bəy, ay ağa! Mərcan bəy (gözünü açır). Hə!. Kərbəlayı Qubad. Ağa! Olmazmı o beş yüz manatı bu saat mənə verəsən! Çünki o, notariusda yazılmayıbdır. Əgər arvadı bu gün tovladım, tovladım; tovlamadım, onda beş yüz manatı gətirib verərəm özünə. Mərcan bəy. Yaxşı, bir hovur verərəm. Ürəyim xarab oldu, aşiq olmuşam. Ey iyirmi üç yaşında nazənin! (Bitab olur. Sonra birdən ayağa durub kağızı cibindən çıxardır.) Ay kişi, kağızda da yazıbdır ki, sabah caat altıda gələcəyəm... Kağız dünən yazılıbdır, deməli, bu gün gələcəkdir. Hurra!. Bu gün gələcəkdir. İndi saat neçədir? (Saata baxır.) Saat ikidir, hələ dörd saat var. De bircə, Kərbəlayı, sən tez ol, işini gör. Kərbəlayı Qubad. Mən hazıram, ancaq arvad gəlsə başlarıq. Mərcan bəy. Aha, çox yaxşı, sən get qapıda dur, sonra çağırram. (Qubad gedir.) Səfi! Səfi! (Səfi daxil olur.) Get, Minnət xanımı buraya çağır. (Səfi gedir.) Yox, bu kağız mənə cürət verdi. Mən ona açıq-açığına deyəcəyəm ki, səni boşayıram, daha səninlə bir yerdə ola bilmərəm. Minnət xanım (daxil olur). Buyurun! Nə deyirsən! (Gülümsünür.) Mərcan bəy. Minnət. (Kənara) Cürətim gəlməyir, gözümü bərk qorxuzub. (Ona) Minnət... Ey! (Kənara) Lap arvada dönmüşəm (Ona) Ağız, Minnət!.. Çörək yeyibsən? Minnət xanım. Yemişəm! Nə eyləyirsən? Mərcan bəy. Sözün doğrusu, daha bundan sonra mən səninlə bir yerdə... çörək yeyəcəyəm. (Kənara) Tfu mənim üzümə; görün mən nə deyirəm, ay camaat!.. Minnət xanım. Daha niyə acıqlanırsan? Mərcan bəy. Çünki (kağıza baxır) acığımı sən tutdurursan, sən! Bütün təqsir səndədir. Ona görə bir də mən səninlə dolana bilmərəm, gərək səni boşayam. (Kənara) Allah, sənə şükür, dedim. Minnət xanım. Aha! Deməli, çörək bəhanə imiş! Sən məni boşamaq istəyirsən! Çox əcəb! Mən də namərd qızıyam, əgər bir dəqiqə sənin evində qalsam. Boşa məni! Mərcan bəy (kənara). Nə yaxşı razı oldu! (Ona) Əlbəttə boşayacağam, təvəqqə edirəm ki, bu gün mənim evimdən çıxasan. Mərcan bəy gedir. Minnət xanım tez gedib Gülpərini çağırıb evdə oturdur, özü də pərdənin dalına girir. Minnət xanım. Gülpəri, dünən dediyim sözləri unutma, mən deyən kimi əməl eylə! (Gizlənir.) Gülpəri. Arxayın ol! (Üzün bərk tutub oturur). Kərbəlayı Qubad (daxil olur). Öhö!.. Öhö!.. (Öskürür, sükut) Bu gün hava çox istidir. (Sükut) Görəsən bu evlərin hamısı Mərcan bəyindir? (Bir qədər çırtıq vurur.) (Musiqi) Ay xanım, xanım, dərdin alım, Bəs məni neylərsən, vəsməni neylərsən?.. (Musiqi) Qaşın qara, gözün qara, Bəs məni neylərsən, vəsməni neylərsən? Gülpəri. Buy, a kişi, dəli deyilsən ki, Allah, aman, kişi elə bil ki, qızıbdır. Kərbəlayı Qubad. Xanım, bir de görüm, səni görən adam da qızmazmı? Vallah, bu saat sənin dərdindən qızmış dəvəyə dönmüşəm, inanmırsan: lok, lok, lok, lok. (Arvadın yanından keçəndə xoruz kimi qanad sallayır.) Gülpəri. Ay kişi, xoruz deyilsən ki, mənə qanad sallayırsan! Kərbəlayı Qubad. Vallah, sənin dərdindən bu saat xoruz olmuşam, inanmırsan: quqqulu qu... Gülpəri. Mənim ərim var, vallah, bilsə səni öldürər. Kərbəlayı Qubad (kənara). Yazıq, daha bunu bilmir ki, əri mənə əli ilə üç min manat pul verir. Gülpəri. Nə deyirsən?.. Kərbəlayı Qubad. Sənə Kərbəlayı qurban! Deyirəm ki, ərindən boşan, gəl mən səni alım, gül kimi saxlayım, bül-bül kimi saxlayım. Gülpəri. Bəlkə ərim razı olmadı?! Kərbəlayı Qubad. Neçün razı olmur? De ki, kəbinim halal, canım azad. Onda hansı ər olsa razı olar. Gülpəri. Doğrusu, mən özüm də ərimdən incimişəm. Kərbəlayı Qubad. Axı sənin ərin nə adamdır ki, sənin qədrini bilsin. Sənin qədrini bu qara lələşin bilər! Vallah, səni mən tükcə incitmərəm! Razısanmı? Nənəm sənə qurban! (Sükut) Razısanmı? Canım sənə qurban! (Sükut) Aha! Fars deyər ki: “Sükut əlaməti-rizast”. Görünür ki, razısan. Elə deyilmi? Gözümün ağı gözünün qarasına qurban! Gülpəri. Razıyam. Kərbəlayı Qubad. Vəssəlam. Bax, sən bu güncə talağını ərindən al; sonra bir üç ay on gün gözlə iddən çıxsın; ondan sonra gedək evimizə. Gülpəri. Yaxşı, sən get, mən bu gün kağızımı alaram. Səlamət qal. (Gülpəri gedir.) Kərbəlayı Qubad. Səlamət qal, canım sənə qurban! Səlamət qal. (Papağını çıxarır.) Paho! Lap tərlədim. Amma, vallah, bərəkallah mənə. Sözün doğrusu, indi mən arvad alış-verişində yaxşıca dəllal ola bilərəm. Mən heç özümü belə bilmirdim. Mərcan bəy (daxil olur). Nə tövr oldu? Kərbəlayı Qubad. Çoxdan!.. Mərcan bəy. Nə çoxdan? Kərbəlayı Qubad. Çoxdan!.. Mərcan bəy. Ay kişi, tez de görüm nə oldu? Kərbəlayı Qubad. Nə olacaq? Razı oldu, qurtardı getdi. Mərcan bəy. Ə kişi, nə deyirsən? Razı oldu? Kərbəlayı Qubad. Əlbəttə oldu, oynaya-oynaya oldu. Mərcan bəy. Ə kişi, qəribə sən hünərlisən! Kərbəlayı Qubad. Rəhmətlik oğlu, dəvə kimi nərildəmişəm, xoruz kimi banlamışam, qoç kimi mələmişəm, zarafat deyildir! Mərcan bəy. Yəni dedi ərimdən boşanıb gələrəm? Kərbəlayı Qubad. Bəli, bu gün səndən talaq alacaqdır. Mərcan bəy. Ay bivəfa arvad!.. Hər halda, balam, Allah səndən razı olsun, mən ki səndən razıyam. Kərbəlayı Qubad. Bəs pulu nə vaxt verəcəksən? Mərcan bəy. Elə ki arvad sənin evinə gəldi, haman dəm yüyür gəl pulunu al! Kərbəlayı Qubad. Çox gözəl. Mərcan bəy. Yəni lap razı oldu? Kərbəlayı Qubad. Səni aldatmıram ki, indi bir hovur arvad səndən talağını istəyəndə görərsən. İndi mən gedirəm, sabah işi lap təmizləyərik. İndi tələsiyirəm. Mərcan bəy. Niyə tələsiyirsən? Kərbəlayı Qubad. Gedirəm Sijimqulu bəyin yanına. Deyəsən, o da arvadından narazıdır, boşamaq istəyir. Mərcan bəy. Çox əcəb! (Kərbəlayı Qubadı yola salır.) Minnət xanım (pərdənin dalından çıxır). Qoçaq Gülpəri oyun oynadı, indi qaldım mən özüm. (Mərcan bəy daxil olur. Acıqlı o yan-bu yana gəzir.) Bu saat mənim talağımı ver! Mərcan bəy (kənara). Kişi doğru deyirmiş. (Ona) Hə!.. Özgə ərə getmək istəyirsən?.. Minnət xanım. O sənin borcun deyil, bu saat mənim talağımı ver! Mərcan bəy. Baş üstə, hazır olum, gedək talağa. (Gedir.) Gülpəri daxil olur. Minnət xanım. Ay Gülpəri, bərəkallah, çox yaxşı iş gördun. İndi mənim işim qalıbdır. Mən bu saat gedəcəyəm atam evinə, ancaq bir hovur buraya gəlib, sonra yenə gedəcəyəm. Sən sabah mənim çarşabımı geyərsən və qapının ağzında gözlərsən, mən ərimdən talağ kağızımı alıb sənə verəcəyəm. Onu da yanında saxlarsan, sonra hər nə lazımdır mən sənə deyərəm. Gülpəri. Baş üstə, xanım. Minnət xanım. İndi get, ərim səni burada görməsin. Gülpəri gedir. Mərcan bəy (daxil olur). Gedək talağa. Minnət xanım. Bu saat. (Gedir.) Mərcan bəy (fikirli). Ay bivəfa arvad! Gör, sən Allah, məni qoyub Kərbəlayı Qubada gedir. Məni, məni ki, iyirmi üç yaşında bir nazənin dərdimdən ölür. (Tələsik) Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. O mənə aşiq, mən ona aşiq. Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola sonra ala, yoxsa görməz-bilməz alırıq, sonra da peşman olub qovuruq. (Çağırır.) Səfi! Səfi! (Səfi gəlir.) Xanım hazırdırmı? Səfi. Bəli, hazırdır! Mərcan bəy. Çox yaxşı. İndi sən bu otağı təmizcə süpür, bir saata qədər qurtar və sonra qapı döyülən kimi, gəl mənə xəbər ver. Mən də bu saat gəlirəm. (Gedir.) Səfi. Baş üstə! (Musiqi) Elə ki, ər axmaqdır, Onun payı toxmaqdır. Dəyirman öz işində, Baş ağrıdan çax-çaxdır. (2 dəfə) Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?! (Musiqi) Millətpərəst olmaqlıq, Xalqın evin yıxmaqlıq – İkisi də bir işdir, O da, bu da – axmaqlıq! (2 dəfə) Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?! Mərcan bəy gəlib keçir öz otağına. Qapı döyülür, Səfi qapını açır. Minnət xanım yaxşı libasda daxil olur. Səfi. Buy, xanım, heç sizi tanımadım! Minnət xanım. Sus!.. (Üzünü açır.) Səfi! Get Mərcan bəyə söylə ki, bir nəfər arvad gəlib onu görmək istəyir. Ancaq mən olduğumu demə ha! Anlayırsan nə deyirəm? Səfi. Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir.) Minnət xanım. Bu libasda o məni tanımaz, gərək bir qədər ehtiyatlı olam. Səs gəlir, Minnət xanım bərk-bərk gizlənir. Mərcan bəy (titrəyə-titrəyə daxil olur). A... a... Nazənin sənəm! Mənə kağız yazan sənsənmi? Minnət xanım. Bəli, mənəm! Mərcan bəy (ağlamsınır). Mən sənə aşiq olmuşam, dərdindən ölürəm, ya məni öldür, ya dirilt! Minnət xanım. Xeyr, əvvəl mən sənə aşiq olmuşam. Mən səni əvvəl ibtidadə gördükdə qəlbimin içinə bir zərrəyi-eşq daxil olub, bədə o zərrə mürur-zaman ilə tövsi edib, bir atəşi suznak oldu və fikrimi etraf-binnar etdi. Mərcan bəy (kənara). Paho! Görünür, bu da qəzet oxuyanlardandır. Minnət xanım. İndi gəlmişəm ki, görüm sən də məni sevirsənmi? Çünki sən məni görübsən. Mərcan bəy. Ey nazənin sənəm! Mən səni görməmişdən sənə aşiqəm, ancaq urus demişkən: интересно знать, mən səni nərədə görmüşəm? Minnət xanım. Bir gün sən at ilə gedirdin, mən də balkonda oturmuşdum, gilas yeyirdim; sən ötən zaman mən sənin başına bir danə gilas atdım, sən başını yuxarı qaldırıb məni gördün. Mərcan bəy (şadlığından bilmir nə qayırsın). Vay, dədəm vay! Sən o nazəninsən? Yəni mən bu qədər xoşbəxt olmuşam! Yox, yox!.. Mən bu qədər xoşbəxtliyə davam gətirə bilmərəm! Yox, yox!.. Mən dəli olaram, özümü itirmişəm! Hanı mənim başım? Mən haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir şey tutur.) Elə bildim taxtabitidir. Bax, eşq vurub məni dəli edibdir! Ey nazənin sənəm! Bir ləhzə üzünü açıb mənə göstər. Minnət xanım. Yox, bu səfər əlimə bax! Hələ üzümü görməzsən, ancaq o vaxt ki, mənim kəbinimi kəsdirərsən. Mən buraya gəldikdə bütün qonaqların içində üzümü açıb sənə göstərərəm ki, xalq sənin taleyinə həsəd aparsın! Mərcan bəy (kənara). Vaxsey, anam qurban! (Ona) Ey nazənin sənəm! Bəs nə vaxt kəbinimizi kəsdirək? Minnət xanım. Üç aydan sonra. Mərcan bəy. Vay, dədəm vay!.. Üç aydan sonra! Yox, bu xoşbəxtlik məni dəli edəcəkdir! Minnət xanım. Üç aydan sonra mənim kəbinimi kəsdir, mənim tərəfimdən hər kəsi istəsən vəkil elə, mənim adım Bədigülcamaldır. Üç aydan sonra qonaqların hazır olsun, mən öz adamlarım ilə gələcəyəm. Hələ ki, xudahafiz!.. (Tez çıxıb gedir.) Mərcan bəy. Yox, getmə, sən getsən mənim canım gedər. Üç aydan sonra... üç ay, üç ay!.. Ey fələk!.. Mən sənə nə etdim ki, sən məni bu qədər xoşbəxt elədin? Yoxsa mənə sataşırsan? Yox, yox! Sataşma!.. Bəli, getdi, getdi. (Oxuyur.) Getsən o qədər ağlaram, aləm olu dərya, Axırda olursan qərq o dəryayə, yavaş get! (Çağırır.) Səfi! Səfi! Səfi (daxil olur). Bəy, nə buyurursan? Mərcan bəy. Get, hamını buraya çağır. (Səfi gedir.) Bəxtim qudurubdur, amma qorxuram içindən bir xəta çıxa... Xeyr, nə xətası vardır?! Bir göyçək arvaddır rastıma çıxıbdır, alıram. (Nökərlər daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbəxt adam görübsünüz? Hamı. Xeyr, ağa! Mərcan bəy. Di görün! O xoşbəxt adam mənəm! Hamısı. Allah səni həmişə xoşbəxt eyləsin! Mərcan bəy. Bu yavuqda mənim toyumdur. Taza arvad alıram, ona görə sizin hərənizə bir abbası pul bağışlayacağam. Hamı. İltifatın artıq olsun! (Onlardan biri gülməyini saxlaya bilməyib pıqqıldayır.) Mərcan bəy. Ha? Nə oldu? Nə üçün gülürsən? Mənə sataşırsan? Nökər. Xeyr, ağa, səni xoşbəxt görüb şadlığımdan gülürəm. Mərcan bəy. Qoçaq, sənə iki abbası verəcəyəm. (Hamı gülür.) Siz nə üçün güldünüz?.. Hamı. Ağası xoşbəxt olan adamlar əlbəttə gülərlər. Mərcan bəy. Qoçaqlar, sizin də hərənizə iki abbası verəcəyəm. İndi hərəniz hər nə bilirsinizsə oxuyun, mən də qulaq asım. (Nökərlər səs verib hərə bir şey oxuyur.) Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tək-tək oxuyun. Bir nökər. Ağa, istəyirsən mən sənə bir türk havası oxuyum. Mərcan bəy. Oxu! (Musiqi) Nökər. Mən bir türkəm, dinim, cinsim uludur. (Oxuyub qurtarır.) Qeyri nökər. Ağa, istəyirsən mən sənə bir fars havası oxuyum. Mərcan bəy. Oxu! (Musiqi) Nökər. Eşqin, eşqət pənceyi darəd ahəni. (Oxuyub qurtarır.) Səfi. Ağa, istəyirsən mən sənə bir urus havası oxuyum. Mərcan bəy. Oxu görək! (Musiqi) Səfi (oxuyur). Пой, ласточка, пой! (Oxuyub qurtarır.) Bir nökər də. Ağa, istəyirsən mən sənə bir gürcü havası oxuyum. Mərcan bəy. Oxu! Oxu! (Musiqi) Nökər (oxuyur). Qurban olum səni doğan anaya, Səni, doğdu, məni saldı bəlaya... Mərcan bəy. Bunlar hamısı çox gözəl, indi bizim öz Qafqaz havamızdan bir şey oxuyun! (Musiqi) Xor. Eşitmişik xanımı yola salmısan, (2 dəfə) Xanım getcək, kim, sən tənha qalmısan. Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! (Musiqi) Biz sənin üçün çalıb, gülüb, oxuruq, (2 dəfə) Heç fikir etmə kim, sən tənha qalmısan. Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy! Pərdə * * * Üçüncü pərdə Həmin otaqda. Bu dəfə otaq bəzənib. Çox qonaqlar vardır. Bir tərəfdə tarzən və xanəndə oturub, musiqi çalınır. Pərdə qalxdıqda Mərcan bəy fəxir libas geyinmiş daxil olur. Onu görcək oxuyurlar. (Musiqi) Qonaqlar. Söylə bir görək, Mərcan, Bu nə toy, bu nə xərcdir? (2 dəfə) Bəs sənin əvvəldəncə Arvadın yoxdurmu? (3 dəfə) Ey... Minnət xanımı sən neylədin bəs? (2dəfə) İndi tazadan arvad Alırsan Mərcan?! (2 dəfə) (Musiqi) Mərcan bəy. Allahın bəndələri, Minnəti boşadım mən. (2 dəfə) Kəbinin verdim onun, Özgəyə ərə getdi. (3 dəfə) Ey... Kərbəlayı Qubad aldı Minnəti, (2 dəfə) Mən də alıram indi bir özgə arvad. (2 dəfə) Bir qonaq. Nə var, pullu adamsan, sən gündə üç arvad alıb, üçün də boşaya bilərsən. Mərcan bəy. A kişi, bu siz ölməsiz, iş pulda deyildir, iş ürəkdədir. Qonaqlar. Doğrudur, doğrudur. Mərcan bəy. İndi, əziz dostlarım, axır o gün olubdur ki, (ağlamsınır) mən öz ürəyim istəyəni tapmışam, mən öz muradıma çatmışam. Allah sizi də oz muradınıza çatdırsın. (Gözlərini silir.) Mənim taza arvadım hələ üzün mənə göstərməyibdir və söz veribdir ki, qonaqların içində üzünü mənə göstərsin. Təvəqqə edirəm ki, gəlin gələnə qədər buradan bir yana tərpənməyin. Oturun burada, yeyin, için, kef çəkin; bu gün şadlıq günüdür, gərək şad olasınız. Qonaqlar. Yaşasın Mərcan bəy!.. (Musiqi. Oxuyurlar.) Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə) Şükür Allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə) Arvad almaqda müzəffər olmuş Mərcan, (2 dəfə) Olmamış düşmən ona heç qalib hərgiz, (2 dəfə) Şadlıqdan başqa ola bilməz işimiz, (2 dəfə) Şükür Allaha kim, daha yoxdur qəmimiz. (2 dəfə) Mərcan bəy. Sağ olun, qardaşlar, sağ olun! Mən gedirəm özümü bir qədər düzəldim, siz öz işinizə məşğul olun. Qonaqlar. Buyur! Buyur! (Mərcan gedir.) Bir qonaq. Hanı xanəndə? Hanı sazəndə? A gədə, bizim üçün bir bayatı-kürd çal, xanəndə oxusun. Tarzən bayatı-kürd çalır, xanəndə oxuyur, meyxana deyirlər, qumar oynayırlar. (Musiqi) Xor. Aqil qardaşım, ayıl, bəsdir xəbidən, (2 dəfə) Yatma, dur gör nədir səni hamıdan baz edən, (2 dəfə) Aman, aman Allah, aman, aman Allah, Allah amandır, İbrət eylə; qeyrət eylə, gör nə zamandır. (2 dəfə) (Musiqi) Bəsirət gözün açıb, bax bir cahanə! (2 dəfə) Əhli-elmə bax, gör necə dolub zəmanə! (2 dəfə) Aman, aman Allah, aman, aman Allah, Allah amandır, (2 dəfə) İbrət eylə, qeyrət eylə, gör nə zamandır. (2 dəfə) Musiqi rəngi çalınır. Rəqqas rəqs edir. Rəqs qurtardıqda qapıdan məşəllərin işığı görünür və zurna səsi eşidilir. Qonaqlar. Gəlin gəldi. (Gedirlər qapıya.) Mərcan bəy (tələsik daxil olur, yaxşı geyinmişdir). Oy! (Üzünü yelləyir.) Yox, deyəsən mən bu gecə tab gətirə bilməyəcəyəm. Vallah, arvadın vəhmi məni basıbdır. Puf! Nə istidir! Qapılar açılır, səs-küy ilə gəlini gətirirlər. Minnət xanım üzü rübəndli gəlib ortada durur. Mərcan bəy onun o tərəf-bu tərəfinə keçir. Minnət xanım. Mən əhd eləmişdim ki, qonaqların içində üzümü sənə göstərim, indi əhdimə vəfa edirəm. Qonaqlar xanımın ətrafına yığılırlar və diqqətlə tamaşa edirlər. Hamı Minnətə sakit baxır. Minnət xanım əvvəlcə çarşabını açır. Sonra başındakı yaylığını. Hər dəfə Mərcan bəy tələsdiyini bildirir. Ayaqlarının birini götürüb o birini qoyur. Axırda Minnət xanım rübəndini açıb Mərcanın üzünə baxır. Mərcan bəy. Minnət! Minnət xanım. Bəli! Mərcan bəy. Sənsən? Minnət xanım. Bəli, mənəm... Mərcan! Mərcan bəy. Bəli! Minnət xanım. Sənsən? Mərcan bəy. Bəli, mənəm! Vay, dədəm vay!.. Bu mənim öz əvvəlki arvadımdır. Ay camaat, bu Minnətdir! Yox, yox, belə şey olmaz! Mənə sataşırlar. (Hamı mat, məbhut durur.) Yox, mənə sataşmaq olmaz! Mənim kimi adamı aldatmaq olmaz! Kimdir, bu saat desin, bu oyunu mənim başıma gətirən, kimdir? Camaatı yara-yara Kərbəlayı Qubad daxil olur. Kərbəlayı Qubad. Mərcan bəy, dur üç min manatı bu saat ver, arvadı aparım evə. Bircə tez ol, başına dönüm, istəyirəm bu gün bir dükan yeri alım. Mərcan bəy (bərkdən). Ay zalım balası zalım! Məni sən aldatdın. Mənim evimi yıxdın, hələ bir gəlib məndən pul da istəyirsən?! Ay camaat, məni tutmayın, bu kişini öldürəcəyəm. Buraxın, məni tutmayın, bu saat mən bu kişini qanına bulaşdırım, bu mənim namusuma toxunan işdir. Tutmayın məni, hanı mənim афсерским? Hanı, hanı?.. Kərbəlayı Qubad. Bu nə danışır, ədə, dəli olubsan nədir? Mənə kələk istəyir gəlsin... Bu saat pulu ver, yoxsa gedib bu saat notariusu gətirrəm, evini yazdıraram. Zəhmət çəkib arvadını almışam! Mərcan bəy. Ay evin yıxılsın kişi, arvad buradadır, budur arvad, burda! Kərbəlayı Qubad. Vay, dədəm vay!.. Bəs mən aldığım arvad kimdir? Mərcan bəy. Mən nə bilirəm kimdir! Kərbəlayı Qubad. Qoy gedim bir arvadı gətirim bura. Gedir, camaat qarnını tutub gülüşür. Mərcan bəy. Niyə gülürsünüz? Mənə gülürsünüz? Mənə sataşırsınız? Namərdlər, siz hamınız bədzatsınız! (Gülüşmə) Juliksiniz, moşenniksiniz! Yox, yox, bu dərd məni öldürər. (Yıxılır stolun üstə.) Kərbəlayı Qubad (daxil olur, yanında Gülpəri). Bəs bu kimdir, sənin arvadın deyildirmi? Mərcan bəy. Bu Gülpəridir, ay evini Allah yıxsın! Sən arvadı dəyişik salmısan. Kərbəlayı Qubad. Vay, evim yıxıldı!.. Allah sənin evini yıxsın, Mərcan bəy! Bu nə kələk idi mənim başıma açdın! Ay camaat, mən öz arvadımı kənddə qoyub, şəhərə qaçdım. Burada da bir arvad boğazıma keçdi. İki yüz manat da kəbin pulu yazdırmışam. Bəs mən dükan yeri alacaqdım. Mərcan bəy. Vay, sənin evin yıxılsın Kərbəlayı Qubad!.. A kişi, bəs sən mənim arvadımı alırdın? Bir arvad əlində ağac, pərdə dalında qışqırıq sala-sala daxil olub, ucadan çığırır. Arvad. Hanı o başı batmış Kərbəlayı Qubad? A kişi, mənim üstümə arvad alırsan? A sənin saqqalın tökülsün! (Ağac ilə vurur Kərbəlayı Qubadı və bir-iki ağac da Mərcan bəyə dəyir. Arvad gedə-gedə deyir.) Görək, Kərbəlayı Qubad, hərgah sənin saqqalında bir tük qoysam sağ, onda bu ləçək mənə haram olsun. (Qonaqlar tutub, qoymayırlar vursun və arvadı yola salırlar.) Mən gedirəm, sonra görüşərik, Allah qoysa. Arvad gedir. Kərbəlayı Qubad və Mərcan bəy hərəsi bir tərəfdə oturub ağlayırlar. Minnət xanım. Mərcan! Kefin necədir? Canın-başın sağdırmı? Məni satmaq istəyirdin, ay namərd! Məni! Di get, al payını. (Qubada) Sən saqqalından utanmadın, xalqın arvadını satın almaq istədin? Daha bir ayrı alış-veriş tapmırdın?! De al payını!.. (Musiqi) Qonaqlar. Mübarək olsun toyun Sənin, Mərcan, ay Mərcan! (2 dəfə) A kişi, bəs utanmadın? Belə bədnam oldun sən! (2 dəfə) Mərcan bəy. Nə bilim mən çarşabın... Kərbəlayı Qubad. Nə bilim mən çarşabın... Mərcan bəy. İçinə kim girmişdir. Kərbəlayı Qubad. İçinə kim girmişdir. Xor. Nə bilim mən çarşabın İçinə kim girmişdir. Mərcan, Mərcan, Kəblə Qubad, hey!.. (Musiqi) Xor. Mübarək olsun toyun Sənin, Mərcan, ay Mərcan! (2 dəfə) A kişi, bəs utanmadın? Belə bədnam oldun sən! (2 dəfə) Mərcan bəy. Nə bilim mən çarşabın. Kərbəlayı Qubad. Nə bilim mən çarşabın. Mərcan bəy. İçinə kim girmişdir. Kərbəlayı Qubad. İçinə kim girmişdir. Xor. Nə bilim mən çarşabın İçinə kim girmişdir. Mərcan, Mərcan, Kəblə Qubad, hey!.. Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-er-ve-arvad İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.