Əsli və Kərəm Üzeyir Hacıbəyov (1885–1948) Əsli və Kərəm 4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERA İŞTİRAK EDİRLƏR İ s f a h a n p a d ş a h ı--50 yaşında. K ə r ə m (Əhməd Mirzə)--onun oğlu, 25 yaşında. K e ş i ş, p a d ş a h ı n x ə z i n ə d a r ı--50 yaşında. Ə s l i (Tara Sultan)--onun qızı, 15 yaşında S o f i, K ə r ə m i n y o l d a ş ı--30 yaşında. 5 n ə f ə r ə y a n. H ə l ə b p a ş a s ı--45 yaşında. 2 n ə f ə r z ə b t i y y ə. Ş e y x N u r a n i--ağsaqqal və ağ geyimli bir şeyx. S ə f i--bir qoca kişi. B ə y l ə r, k ü ç ə a d a m l a r ı, y o l ö t ə n. B i r d ə s t ə q ı z v ə s a i r ə. * * * Birinci pərdə Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabər q ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir. Ə s l i (kürd-şahnaz)-- Qəlbimə bir hiss girmişdir, adı bilməm nədir, Gah acıdır, gah şirindir, heç dadı bilməm nədir. Bezmişəm ata-anadan, görməyir heç şey gözüm, Bu pərişan halımın heç illətin bilməm özüm. Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan, Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman. Sarılıb incə belimdən, bus edər rüxsarımı, Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. K e ş i ş, q ı z l a r və o ğ l a n l a r Ə s l i y ə tərəf gəlib oxuyurlar. (M u s i q i: təsnif) Gülüm, söylə sən görək, Böylə pərişan neçin? (M u s i q i) Gülüm, söylə sən görək, Böylə pərişan neçin? Bizi eylə hali sən, Dərdin nədir, dərdin nədir, dərdin nədir? Hey … tez söylə, tez söylə, tez söylə sən! (M u s i q i) Bunca dövlətdən məgər Razı deyilsən, qızım? (M u s i q i) Bunca dövlətdən məgər Razı deyilsən, qızım? Bizi eylə hali sən. Dərdin nədir, dərdin nədir, dərdin nədir? Hey … tez söylə, tez söylə, tez söylə sən! Ə s l i (şahnaz)-- Zərrə qədri dövlətin yoxdur gözümdə hörməti, Anlamam, billah, nədir dövlətlə dünya ləzzəti. Eşqdir dərdim mənim, aşiq olub bir oğlana, Hazıram qurban edəm öz canımı mən ol cana. K e ş i ş-- Sən nəsən, aşiq nədir? Heç həya etməzmisən?! Kimdir ol oğlan belə? Kim dəli etmiş səni? (nəvazişlə) Gəl, qızım, söylə görüm: Kim edib aşiq səni? Ə s l i (şahnaz)-- Görmüşəm mən bir yuxu, ol yuxuda bir novcavan, Qədd-qamət sərv tək, gözlər qara, qaşlar kaman. Sarılıb incə belimdən, bus edər rüxsarımı, Söyləyir: sevdim səni, tapdım nəhayət yarımı. (M u s i q i) H a m ı (təsnif)-- Yuxunun var insana böylə əsəri məgər? (2 dəfə) Yuxu verir insana zövqü səfa, cövrü cəfa, zövqü səfa, Hey, sən söylə, sən söylə, sən söylə hey!… (bir də təkrar) (M u s i q i) Hamı Ə s l i ilə durub içəri daxil olurlar. Səhnədə heç kəs qalmır by halda K ə r ə m ilə S o f i o biri tərəfdən çıxıb bağçaya gəlirlər. S o f i (bayatı-Şiraz)-- Sal nəzər, şahzadə, bir bax keşişin bağına, Həm gülə, həm sünbülə, gendən görünən dağına. K ə r ə m--Dostum Sofi! Bu qədər güllər və sünbüllər mənə eşq artırır, Eşq ilə yanmış çirağa yağ olub da yandırır. S o f i-- Söylə sən, şahzadə, kimdir aşiqin bir dəm mənə, Bəlkə mən bu yolda göstərrəm ola xidmət sənə. K ə r ə m-- Bir yuxu gördüm, əzizim, bir nəfər nazlı sənəm, Bus edər hərdən məni, söylər mənə yarın mənəm. Qaş qara, gözlər qara, baldan şirindir ləbləri, Qədd-qamət sərv tək, xumardır şux gözləri. Qönçə tək açmış dəhanın, dişləri dür danəsi, Olmuşam, Sofi, o gündən ol qızın divanəsi. K e ş i ş çıxıb baş əyir. K e ş i ş (söz ilə)--Ey şahzadə, sən bizə çox xoş gəlibsən, səfa gətiribsən! Buyurun bizim xanəmizə! K ə r ə m--Çox sağ ol, keşiş, çox razıyıq. H a m ı s ı bərabər içəri girirlər. (M u s i q i) Bir qədər sonra Ə s l i pərişan bir halda evdən çıxır. Ə s l i (söz ilə)--Odur … özüdür … yuxumda gördüyüm oğlandır! Bayatı-kürd Yandırıb yaxmaqdadır eşğ atəşi əndamımı, Düşmüşəm bir dərdə kim, bilməm özüm əncamımı. Bar ilahi, tez yetir gəlsin mənim cananımı, Ya diriltsin bəndəni, ya kim, tez alsın canımı. Kənarda bir sandaliya üzərinə yıxılıb qalır. (M u s i q i) K ə r ə m dəxi içəridən çıxır, bu da pərişan haldır. K ə r ə m (söz ilə)-- O kim idi? … o qız kim idi?… Yoxsa mən yenə yuxu gördüm … yuxu…. (M u s i q i: şikəsteyi-fars) Yenə gördüm surətin ol məhvəşin odlanmışam, Tazadan eşqə düşüb, suzi-cigərlə yanmışam. Gəl, gəl, ey dilbər, məni bu şübhədən eylə xilas, Gördüyüm sənsənmi, yoxsa yuxuya aldanmışam? O tərəfdən Ə s l i ayağa durub getmək istərkən bunlar bir-birini görürlər və bir qədər məəttəl qalıb qucaqlaşırlar, bəədə Ə s l i kənara çəkilir. Ə s l i (söz ilə)-- Ah!… Oğlan, kərəm eylə, bizi görərlər. K ə r ə m-- Əsli nədir, ey dilbər? (Buraxmayır). Ə s l i (dartınır)-- Ah!… Kərəm eylə, keşiş babam gəlir. K ə r ə m-- Əsli nədir, gözəlim! Ə s l i-- Ah!… Kərəm eylə, qorxuram. K ə r ə m-- Əsli nədir, qorxma! Ə s l i-- Yox, oğlan, kərəm eylə, kərəm eylə. K ə r ə m-- Ey nazlı dilbər, qoy sənin adın Əsli olsun, mənim adım Kərəm. Ə s l i-- Qoy olsun, ancaq qorxuram, keşiş babam çıxıb bizi görər. K ə r ə m-- Canım Əsli, bir ləhzə mənim ilə otur, səni tapmışam və səndən ayrıla bilmirəm. (M u s i q i) Ə s l i (şikəstə)-- Nə gəzərsən məlul-məlul bu yerdə, Aman Kərəm, məni rüsvay eyləmə! Məni sənə qismət eyləmiş yəzdan, Aman Kərəm, məni rüsvay eyləmə! K ə r ə m-- Doymadım dadlı-dadlı dilindən, Aman Əslim, elə sözlər söyləmə! Gözümü qan bürüdü, qorxuram ölümdən, Aman Əslim, elə sözlər söyləmə! (M u s i q i) Ə s l i-- Heç olurmu buralarda elə iş, Keşiş babam duyar, eyləyər təftiş, Duymamışkən tez olgilən qalx, siviş, Aman Kərəm, məni rüsvay eyləmə! (M u s i q i) K ə r ə m-- Sarılaram incə miyan belindən, Doymamışam dadlı-dadlı dilindən. Qorxuram ki, ayrılasan sən məndən, Aman Əslim, elə sözlər söyləmə. (M u s i q i) Ə s l i (durur ayağa)-- Ağam Kərəm, paşam Kərəm, xan Kərəm, Atış Kərəm, tutuş Kərəm, yan Kərəm. Əsli olsun sənə qurban, can Kərəm, Aman Kərəm, elə sözlər söyləmə! K e ş i ş i n səsi gəlir. Ə s l i K ə r ə m ə baxa-baxa həsrətlə getməyə məcbur olur. K ə r ə m (segah)-- Gərcək oldu bu yuxum, tapdım məgər xan Əslimi, Verməsə, billah, keşiş ölləm əgər xan Əslimi. Ağlımı aldı başımdan səndəki sevdayi-eşq, Kor olmuş gözlərim təkcə görər xan Əslimi. S o f i (çıxıb Kərəmi axtarır və tapır)--Ey şahzadə, keşiş səndən nigarandır, harada qaldın gəlmədin. K ə r ə m (segah)-- Tapmışam cananımı, Sofi, mənə rəhm eylə sən, Noldun, ey birəhm, sən söylə, ona rəhm eylə sən. Gördüyüm röyadakı dilbər keşişin qızıdır, Söyləməm, bil kim, bu sirri tək sənə rəhm eyləsən. S o f i (söz ilə)--Yuxuda gördüyün, keşişin qızı imiş? K ə r ə m--Odur … özüdür. S o f i--Daha bundan asan bir iş yoxdur. Şah baban əmr edər, keşiş qızını sənə verər. Özü də bu işə çox şükürlər edər, çünki şahzadədən artıq kimə qız vermək olar. K ə r ə m--Yox, Sofi, qardaş, mən keşişdən çox qorxuram. O, qızı mənə vermək istəməyəcəkdir. K e ş i ş (çıxır)--Ey şahzadə, səndən nigaran oldum (kənara). Şahzadə çox pərişanhaldır, burada bir hikmət vardır. (Onlara). Buyurun eyş-işrətə məşğul olaq. S o f i--Çox razıyıq. Lakin şahzadə bir qədər kefsizdir. İsfahana getməyimiz lazımdır. Q ı z l a r və o ğ l a n l a r hamısı buraya çıxırlar. Ə s l i isə qapının ağzında dayanır. K e ş i ş--Buna heç bir sözüm ola bilməz. Əmr sizindir. (Kənara). Çıxıb getsələr yaxşıdır…. K ə r ə m v ə S o f i--Xudahafiz, səlamət qalasınız. (Hamı baş əyir.) (M u s i q i) H a m ı (təsnif)-- Xoş gəldin, xoş gəldin, Xoş gəldin, şahzadə! (2 dəfə) Yaşasın şahzadə, ömrü onun çox olsun! (2 dəfə) K ə r ə m v ə S o f i gedirlər, Ə s l i özünü saxlaya bilməyib, birdən hönkür-hönkür ağlayır, h a m ı mat qalır. Ə s l i (segah)-- Sən məni tənha qoyub getdin, mənim canım Kərəm, Rəhm qıl, qoyma məni hicr oduna yanım, Kərəm! Bilmirəm ata nədir, ana nədir, əqvam nədir, Sən mənə oldun belə candan əziz, xanım Kərəm! K e ş i ş (acıqla)--Qızım, qızım, bu nə işdir görürsən. Təsnif, musiqi ilə bir yerdə. Yoxsa, qızım, şahzadəyə aşiqsən? Yoxsa qızım, şahzadəyə aşiqsən? Bəs elə imiş, bəs elə imiş, Onda gör səni mən necə edərəm. Ə s l i--Bəli, mən şahzadəyə aşiqəm. (Hamıda hərəkət.) K e ş i ş-- Get gözümdən tez! (2 dəfə) Rədd ol burdan, rədd ol! Mən səni sevməm, Get gözümdən tez, Get közümdən tez, Sən dəlisən, sən dəlisən. Sən dəlisən, get!… (M u s i q i) Get, get, get!… PƏRDƏ * * * İkinci pərdə BİRİNCİ ŞƏKİL İsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır. P a d ş a h (rast)-- Söylə görüm, oğlum, bu qədər ahə səbəb nə? Gündüz, gecələr ahu fəğan, nalə səbəb nə? Derlər səni tərsa qızına aşiq olubsan, Söylə görüm a … bundakı dəsgahə səbəb nə? K ə r ə m (söz ilə)--Şah baba, izn ver ki, mən öz eşq bəlamı sizə dil ilə deyil, tel ilə qandırım. Sofi, ver mənim sazımı. (Sofi saz gətirir). P a d ş a h--Söylə qulaq asaq! K ə r ə m (sazı əlinə alıb çalır)-- (M u s i q i) K ə r ə m-- Keşiş bağçasında bir gözəl gördüm. Əqlimi başımdan aldı, nə çarə? Daramış zülfünü, tökmüş üzünə, Sərimi sevdayə saldı, nə çarə? (M u s i q i) Mən də bildim bir keşişin qızıdır, Səhərdən çıxmış dan ulduzudur, Yuxuda gördüyüm ol özüdür, O, halımı bilməz isə nə çarə? (M u s i q i) Dərdli Kərəm deyir firqətim qəti, Kəskindir qılıncı, yürükdür atı. Ol İsəvi, mən Məhəmməd hümməti, Həqq dininə dönməz isə nə çarə? (M u s i q i) P a d ş a h (rast)--Sən xəzinədarım keşişin qızına aşiqsən; burada heç bir ahü-nəva etməli iş yoxdur. Sən səbr elə, mən onun qızını alıb sənə verərəm. Ə y a n l a r (təsnif)-- Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə, (M u s i q i) Əlbəttə, şah buyursa, əgər buyursa, əgər əmr etsə, Keşişin sözü olmaz. (2 dəfə) N ö k ə r (daxil olur)--Padşah sağ olsun, xəzinədar keşiş hüzurunuza izn istəyir. Ş a h--Söylə gəlsin. K ə r ə m keşişin adını eşitcək müztərib hal olur və ağlayır. Ş a h--Oğlum, nə oldu sənə, nə üçün ağlayırsan? (M u s i q i) K ə r ə m-- Aşardı qarlı dağın ardına, Xan Əslim ağlıma düşdü, ağlaram. Hey ağalar, dayanamam dərdinə, Xan Əslim ağlıma düşdü, ağlaram, (M u s i q i) Eşidib keşişin adını, Xan Əslim ağlıma düşdü, ağlaram. Duymuşam məhəbbətin dadını, Sevdiyim xətrimə düşdü, ağlaram. (M u s i q i) Ş a h--Oğlum, sənin bəxtindən keşiş özü hüzuruma gəlibdir. Mən bu gün ondan nişan alaram. K e ş i ş daxil olur, baş əyir, əlində bir dəstə açarlar. Şah--Söylə görüm, xəzinədar, mətləbin nədir? K e ş i ş--Padşah sağ olsun, tamam otuz ildir ki, sənin çörəyini yeyib, sənə xidmət etmişəm, indi çörəyini mənə halal elə və məni qulluğumdan azad elə. Ş a h--Keşiş, nə olubdur? Yoxsa məndən və ya mənim adamlarımdan incimisən? K e ş i ş--Əstəgfurulla!… Ancaq mən çox qocalmışam, qorxuram ki, xidmətimdə qüsur göstərəm. Ə y a n l a r bir-birlərinə işarə edirlər. Ş a h--İndi ki, azadlıq sənin öz xahişindir, mənim də sözüm yoxdur. Lakin onu bil ki, bu otuz illik xidmətindən mən çox razıyam, məhşərəcən hümmətim üstündə baqi qalacaqdır. Ancaq, keşiş, sən də gərək mənim əmrimi yerinə yetirəsən. K e ş i ş--Buyur, padşah, can və baş ilə yetirərəm. (Kənara). Ax, qorxuram ki, qızımı istəyə. Ş a h--Keşiş, mənim oğlum Əhməd Mirzə sənin qızına aşiq olubdur (keşişdə hərəkət), sən gərək qızını mənim oğluma verəsən. K e ş i ş (pərişan-hal)--Padşah sağ olsun, necə ola bilər, dinimiz ayrı, adətimiz ayrı…. Ş a h--Mən sənin qızını müsəlman edərəm. K e ş i ş (daha da bədhal olub)--Padşah sağ olsun, hər nə ağır təklifin varsa mənə əmr et, lakin bu təklifdən vaz keç (əyanlarda işarələr). Ş a h--Yox, keşiş, heç vaxt keçmərəm, gərək qızını mənim oğluma verəsən. K e ş i ş (yalvarır)--Padşah sağ olsun, buyur boynumu vursunlar, amma qızımı əlimdən alma. Ş a h--Keşiş, gözümün ağı-qarası bir nəfər oğlum var, mən onun əza və cəfasına razı ola bilmərəm, əmr edirəm ki, qızını ona verəsən. K e s i s--Padsah!… Ş a h (qəzəblə)--Xamus!… Artıq söz lazım deyildir. K e ş i ş--Padşah sağ olsun, indi ki, sənin əmrindir, razıyam. Ancaq mənə beş ay möhlət ver ki, toy tədarükü görüm. Ş a h--Razıyam möhlətə (Kərəmə); oğlum, daha sənin ahü-nəvan əbəsdir, get, arxayın ol! (Kərəm ağlayır). Ş a h (təəccüblə)--Oğlum, daha niyə ağlayırsan? (M u s i q i) K ə r ə m-- İnanmıram qara keşiş sözünə, Yox etibarım onun özünə; Salacaqdır məni çölün düzünə, Xan Əslim ağlıma düşdü, ağlaram. (M u s i q i) Uca dağ başında ötüşür quşlar, Tərlanım uçdu kimlər görmüşlər, Dərdimi anlamaz bunda keşişlər; Xan Əslim ağlıma düşdü, ağlaram. (M u s i q i) Dərdli Kərəm deyir: bu dərdim bitməz, Yarımın sevdası sərimdən getməz, Yüz min öyüd ver, biri kar etməz, Xan Əslim ağlıma düşdü, ağlaram. (M u s i q i) Ş a h (ayağa durur, getmək üçün oğlunun qolundan tutur)--Oğlum! Keşiş mənə söz verəndən sonra sözündən çıxa bilməz. Beş ay dözərsən, inşaallah, sonra yarın sənə yetişər. İndi gəl gedək səni şikara aparım. (Hamısı gedirlər, keşiş onları bir qədər ötürüb sonra qayıdır). (M u s i q i) K e ş i ş-- Qaçmaq, qaçmaq, (2 dəfə) Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə) Getmək, getmək, Getməsəm əgər əngəlim çoxdur. (Fikir ilə) Olsam razı…. Yox!… Qaçmaq, qaçmaq, (2 dəfə) Qaçmaqdan başqa əlacı yoxdur. (2 dəfə) Qaçmaq, qaçmaq, qaçmaq, Qacmaq!… (Qaçır gedir). PƏRDƏ İKİNCİ ŞƏKİL Zəngidə k e ş i ş i n b a ğ ç a s ı n d a vaqe olur. Ancaq bu səfər bağçadakı güllər sınıb, solub, ağacların bəziləri qırılıbdır. Sandalyalar alt-üst olubdur. Yenə sol tərəfdə dağlıq və ortada sərv ağacı. Zəngi əhlindən S ə f i adlı qoca məyus və kasıb bir bucaqda yumrulub yatıbdır. Musiqi çalınırkən səhnə açıq durur. Sonra ə y a n l a r, q o ş u n, K ə r ə m ilə p a d ş a h kamal-dəbdəbə ilə daxil olurlar. Ş a h (söz ilə)--Bu necə işdir, keşiş bizim qabağımıza çıxmadı? Səsləyin keşişi! Ə y a n l a r d a n b i r i--Hey, hey!… Kesis, hey, hey!… (Gedir içəri baxır və çıxır); şah sağ olsun, heç kəs yoxdur. Ş a h--Bu necə olan işdir?! Yoxsa keşiş məni aldatdı, bu saat onun başını bədənindən cida etdirərəm. Ə y a n l a r d a n b i r i (axtararkən Səfini görür)--Şah sağ olsun, burada bir şəxs yatıbdır. Ş a h--Durğuzun ondan soruşaq. Ə y a n (Səfini oyadır)--Hey, hey, dur ayağa! (Səfi güç ilə qalxır, gözlərini ovur). Dur, padşah gəlibdir. (Səfi üzü üstə yıxılır və səcdə edir.) Ş a h--Ey adam, söylə, keşiş haradadır? S ə f i--Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur üç aydır evli-eşikli bu vilayətdən qaçıbdır. Ş a h--Ax, məlun!… (fikrə gedir). (M u s i q i) K ə r ə m (birdən başlayır, üzünü dağlara tutub oxuyur)-- Xan Əslim Zəngidən fərar eyləmiş, Yol verməyin, başı dumanlı dağlar! Belə getmiş atasilə anası, Yol verməyin, başı dumanlı dağlar! (M u s i q i) İsfahan bəyləri qalxdılar toya, Zənginin xalqı qaçdılar Xoya, Aşiq gəldi məşuqundan doya, Yol verməyin, başı dumanlı dağlar! (M u s i q i) Dərdli Kərəm bu eşq ilə bişmişdir, Sövda üçün bu sərindən keçmişdir. Əsli, keşiş qaçıb burdan getmişdir, Yol verməyin, başı dumanlı dağlar! (M u s i q i) H a m ı (təsnif)-- Qara keşiş, qara keşiş Fərar etmiş Zəngidən, Zəngidən. Ax, üç ay edər keşiş burdan sən gedən. (2 dəfə) K ə r ə m-- Haqdan mənə, haqdan mənə Təqdirdir: aşiqəm, aşiqəm. Gərəkdir olsun məndə ahü dərdü qəm. (2 dəfə) H a m ı-- Yolun sənin, yolun sənin Yumrulsun a, ay keşiş, ay keşiş! Sən necə qıydın şaha, gördün belə iş. (2 dəfə) K ə r ə m (sərv ağacına tərəf gedib oxuyur; segah)-- Dur, sərv ağacı, xəbər ver, sorayım, Sərv ağacı, sənin maralın hanı? Eşit gəl, eşit ver mənim cavabım, Sərv ağacı, sənin maralın hanı? Doğru söyləməzsən qəddin əyilsin, Dilərəm mövladan belin bükülsün, Çürüsün yarpağın, şaxın qurusun, Sərv ağacı, sənin maralın hanı? Dərdli Kərəm deyir: yanıb tutərəm, Yarımın yanına bu gün yetərəm; Viran bağda bülbül olub ötərəm, Sərv ağacı, sənin maralın hanı? (M u s i q i) Ş a h (şur)--Bəsdir, oğlum, bu qədər ah-nəva bəsdir. Mən bu saat hər yerə adam göndərib keşişi tapdıraram. K ə r ə m (hicaz)-- Yeni bir sevdadır gəldi başıma, Gəlin halallaşaq, mən gedər oldum. Gəlib, ya gəlməyib sizi tapmaram, Gəlin halallaşaq, mən gedər oldum. (M u s i q i) Ürəyimdə yanar bunca atəşlər, Yar əlindən yenə yaralar işlər. Gülüb oynadığım qızlar, qardaşlar, Gəlin halallaşaq, mən gedər oldum. (M u s i q i) Duz-çörək yediyim qohum-qardaşlar, Nədir bu fələyin etdiyi işlər, Gözümdən axıtdı qan ilə yaşlar; Gəlin halallaşaq, mən gedər oldum. Ş a h (şur)-- Oğlum, bu nə sözdür danışırsan, danışırsan? Eşq oduna bunca alışırsan, alışırsan? Tərsa qızına aşiq olub bunca uyursan, Mən tək qocanı didəsi giryan qoyursan. Ölsəm, oğlum, bu hökumət kimə qalsın? Kim şahlıq edib dövlətin əhvalına yansın? K ə r ə m (şur)-- Məndən, ata, padşahlıq uyma, uyma, Mən aşiqi gəl gözü yaşlı qoyma. Haqq aşiqi olmuşam, yəqin bil, Qoy yarımı axtarım tapım, bil. (M u s i q i) H a m ı (təsnif)-- İzn verin getsin, şahım, bu Kərəm (2 dəfə) Getsin yarın tapsın, alsın o məram. (2 dəfə) Sənin oğlun, şahım, Həqdən aşiqdir, aşiqdir, aşiqdir. Eşqə düşmək, şahım, ona layiqdir, Layiqdir, layiqdir. (M u s i q i) P a d ş a h üzünü dəsmal ilə tutub ağlayır. (M u s i q i) K ə r ə m-- Qəm-qəsavət bu gün başa düzüldü, Ağla, atam, ayrılığın günüdür. Bizə qismət qürbət eldə verildi, Ağla, atam, ayrılığın günüdür. (M u s i q i) Məni kül eylədi elin dilləri, Bundan belə gözləməyin yolları. Varayım, gəzəyim qürbət elləri, Ağla, atam, ayrılığın günüdür. (M u s i q i) Məni, ata, halal elə gedirəm, Bir tənbehdir öz-özümə edirəm. Əslidən başqa özgəni nedirəm? Ağla, atam, ayrılığın günüdür, hey!… (Gedir). PƏRDƏ * * * Üçüncü pərdə Bir ç ö l d ə vaqe olur, çöldə ora-bura yollar vardır. Sol tərəfdə meşədir, sağ tərəf dağlıqdır. Səhnədə K ə r ə m ilə S o f i dayanıbdır. Musiqi çalır. K ə r ə m (üzünü yollara tutub deyir)-- Əyri-üyrü gedən yollar, Yollar, xan Əslimi gördünmü? Düşmüşəm yarın izinə, İzlər, xan Əslimi gördünmü? Əyninə geyibdir saya, Yanında var cüftə taya, Sənə deyirəm, sarı qaya! Qaya, xan Əslimi gördünmü? Bir dəstə yol ötən gəlib keçirkən bunları görüb dayanır. K ə r ə m-- Düşmüşəm yarın izinə, Qurban olum onun qara gözünə; Çıxmışam mən çöllərin düzünə, Düzlər, xan Əslimi gördünmü? Y o l ö t ə n l ə r (təsnif--tar)-- Nə gəzirsən burada, Nədir, nədir, nədirsiz? (2 dəfə) Nərəyədir səfəriz, Gedir, gedir, gedirsiz? Gedir, gedir, gedirsiz? Səbəb nədir bu ahə, (2 dəfə) Edir, edir, edirsiz? Nərəyədir səfəriz, Gedir, gedir, gedirsiz? Gedir, gedir, gedirsiz? S o f i--Ay qardaşlar, bu oğlan haqq aşiqi Kərəmdir. Neçə zamandır keşiş qızı Əsli xana aşiqdir, amma keşiş öz qızını götürüb qaçıbdır, indi bu da yarın axtara-axtara neçə-neçə vilayətlər keçib gəlib bu yerə çatıbdır. Hərgah siz də keşişin qaçmağını bilirsinizsə, bizə xəbər veriniz gedək. Y o l ö t ə n l ə r d ə n b i r i--Ey aşiq! Sənin yarının haraya qaçdığını bilirik. Hərgah bizim üçün bir türkü oxusan xəbər verərik. K ə r ə m sazını əlinə alır və yol ötənlər oturub qulaq asırlar. (M u s i q i) K ə r ə m-- Hey … ağalar, yarımı qaçırdım, Bəylər, xan Əslimi gördünmü? Bülbülü şaxdan uçurdum, Bəylər, xan Əslimi gördünmü? (M u s i q i) Əsli huridir bilənə, Qoynu cənnətdir girənə. Ceyrana bənzər ceyrana. Bəylər, xan Əslimi gördünmü? (M u s i q i) Obaları oymaq-oymaq, Olmaz imiş yardan doymaq. Ağzı sud, dodağı qaymaq, Bəylər, xan Əslimi gördünmü? (M u s i q i) Mən Kərəməm, düşüb çölə gəzərəm, Yarımı tapsam, üst-başını bəzərəm, Min cür cəfa etsə, mininə dözərəm, Bəylər, xan Əslimi gordunmu, hey?!… O n l a r--Doğrudan da ki, sən haqq aşiqi imişsən. Ey aşiq, sənin yarın atası ilə bərabər buradan keçib, Hələb şəhərinə qaçıbdır. Onu orada taparsan, amma, ey aşiq, sən gəl burax Əslini, qal bizim ellərdə. O b i r i--Ol bizim əhlimizdən. D i g ə r i--Bizdə Əslidən gözəl qızlar vardır. B i r a y r ı s ı--O qızlardan birini al. H a m ı s ı--Gəl, gəl aşiq, bizdə qal. K ə r ə m (baş bulayır)--Ay qardaşlar! Mən İsfahan padşahının oğluyam, hərgah bir yerdə qalıb rahat ola bilsə idim, padşah sarayında qalıb, şahlıq edərdim. Mən haqq aşiqiyəm, yarımdan əl çəkə bilmərəm. Bu halda bir dəstə q ı z gəlir, qızlardan biri oynayıb qalanları oxuyurlar. (M u s i q i) Q ı z l a r-- Güli-sünbüllər açılıb bağda, Açılıb bağda güli-sünbüllər. Hamı bülbüllər oxuyur tarda, Oxuyur tağda hamı bülbüllər. (2 dəfə) (O y u n, m u s i q i). Düzülün, qızlar, əl-ələ verin, Əl-ələ verin, düzülün, qızlar! Görəsiz, qızlar, neçə bayramlar, Neçə bayramlar görəsiz, qızlar! (2 dəfə) O ğ l a n l a r v ə q ı z l a r-- Yığışın, qızlar, həmi oğlanlar, Gülüşüb danışaq, Görüşək danışaq. Gülə bənzərsiz hərəniz, qızlar, Sizə aşiqdir hamı oğlanlar! (2 dəfə) (O y u n, m u s i q i) K ə r ə m-- Xuraman-xuraman gəlin-qızlar, Xan Əslimi sizdən görən oldumu? Küsmüşəm atadan, anadan, eldən, Məni salıb Əsli xanım dildən; Bir dayanın, sorayım sizdən, Xan Əslimi sizdən görən oldumu? (M u s i q i) Mənim yurdum dağlar ilə daş olub, Məhəbbət sirri hər kəsə faş olub, Ağlamaqdan yerim-yurdum yaş olub, Xan Əslimi sizdən görən oldumu? (M u s i q i) Ah edəyim, könül, sənin əlindən, Qaldıq bir əcayib zarın içində. Nəyə ağlayım, nəyə güləyim? Qönçə gülüm qaldı xarın içində. (M u s i q i) Dərdli Kərəm deyir: vətənim yox mənim, Heç kimsə yoxdur sora əhvalım. Yardan ayrılalı büküldü belim, Qaldıq namus ilə arın içində. (M u s i q i) H a m ı (təsnif)-- Dərdli Kərəm, sən itirdin Əslini; (2 dəfə) Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə) Haqdan aşiqsən, çək eşqin əzabın; (2 dəfə) Get, tap, get, tap yarın, itirdin Əslini. (2 dəfə). Q ı z l a r və o ğ l a n l a r gedirlər. K ə r ə m (yollara sarı)-- Ərzurumdan çıxdımı, üç oldu yolum, Mən bu yolun hangısına gedəyim? Çagırdım gecə-gündüz mövlamı, Mən bu yolun hankısına gedəyim? (M u s i q i) Sofi qardaş, necə olur halımız? İsfahan şəhridir bizim elimiz. Bülbül getdi, məhzun qaldı gülümüz, Mən bu yolun hankısına gedəyim? (M u s i q i) Kərəm deyir yetmədim muradıma, Əslim getdi, qonamadım yurduna. Hey ağalar, bir dilbərin dərdinə, Mən bu yolun hankısına gedəyim? (M u s i q i) Bu halda Ş e y x-N u r a n i vaqe olur və üzünü K ə r əm g i l ə tutub oxuyur. Ş e y x-N u r a n i (humayun)-- Eşqə giriftar olan Zarü pərişan gördüm. (M u s i q i) (təkrar o sözlər) Cənk edib can alanı Qanını qəltan gördüm. (M u s i q i) (təkrar o sözlər) Atəşi-eşqə düşəni Çaki-giriban gördüm. (M u s i q i) (təkrar o sözlər) Hicr oduna yananın Qəlbini büryan gördüm. (M u s i q i) (təkrar) Ş e y x (söz ilə)--Ey qərib, sizlər haraya getmək istəyirsiniz? S o f i--Ey şeyx, biz Hələb şəhərinə getmək istəyirik. Ş e y x--Siz bilirsinizmi ki, buradan Hələbə altı aylıq yol var? S o f i--Xeyr, bilmirik. Ş e y x--Yumun gözlərinizi. K ə r ə m və S o f i gözlərini yumurlar, haman dəm hər yer qaranlıq olur, bu halda səhnənin dal pərdəsi qalxıb, Hələb şəhəri görünür. Ş e y x--Açın gözlərinizi. Bunlar gözlərini açırlar, hər yer işıqlanır. K ə r ə m və S o f i Hələbin mənzərəsini görüb şad olurlar. Ş e y x--Bax, siz Hələb şəhrinə yetişdiniz (deyib tez çıxıb gedir). (M u s i q i) K ə r ə m-- Şükr eylə, Sofi, xudaya, (2 dəfə) Hələb şəhri, Hələb şəhri! Hələb şəhrinə gəldik. (M u s i q i) Qalxız əlini duaya, (2 dəfə) Hələb, Hələb şəhri! Hələb şəhrinə gəldik. (M u s i q i) K ə r ə m v ə S o f i-- Yetirdi mövlam bizi tez, (2 dəfə) Hələb şəhri, Hələb şəhri! Hələb şəhrinə gəldik (2 dəfə) Hey…. (M u s i q i) PƏRDƏ * * * Dördüncü pərdə BİRİNCİ ŞƏKİL H ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar. (M u s i q i) Qızlar-- Axşam oldu hey … şamlar yandı, (2 dəfə) Tez ol, tez ol, qızlar, qaranlıq damdı. (2 dəfə) Hər kim istər kim, dərdi az olsun, (2 dəfə) Getməsin ərə, evdə qız qalsın. (2 dəfə) (M u s i q i) Axşam oldu hey … obalar yatdı, (2 dəfə) Qaranlıq çökdü, ay da həm batdı; (2 dəfə) Arvad olanın dərdi çoxdur, (2 dəfə) Amma qızların heç dərdi yoxdur. (2 dəfə) Amma qızların heç dərdi yoxdur. (2 dəfə) Bu halda K ə r ə m ilə S o f i sağ tərəfdən nümayan olurlar, qızlar onları görüb qorxan kimi olurlar. (M u s i q i) K ə r ə m-- Ey Hələbin gözəlləri, Altı qızlar, altı qızlar! Bulaqdan su süzənləri, Altı qızlar, altı qızlar! (M u s i q i) Keşiş bunda gəlib durar, Xan Əslimi deyər, vurar, Dərdli Kərəm sizdən sorar, Altı qızlar, altı qızlar! Q ı z la r d a n b i r i--Siz kimsiniz və bizlərdən nə istəyirsiniz? S o f I--Ey gözəl qızlar, sizin bu şəhərə bir keşiş gəlib, öz qızı ilə olur, söyləyin bizə, allah eşqinə, o keşiş harada olur? Q ı z l a r d a n b i r i--Bildim hansı keşişdir, bax, o keşiş bu evdə olur, bu evdə. (Qızlar gedirlər). (M u s i q i) K ə r ə m (sevinib)-- Gəzib-gəzib şəhərləri, kəndləri, Axır gəlib sənə yetişdim, Əsli! Unutmuşam cəfaları, dərdləri, Axır gəlib sənə yetişdim, Əsli! (M u s i q i) Haqq aşiqi söylədilər adıma, Yetişmədi bir kəs mənim dadıma. Keçən günlər düşdü mənim yadıma, Axır gəlib sənə yetişdim, Əsli! (M u s i q i) Şah oğluyam, dönmüşəm mən gədayə, Çıx gəl bəri, verək səda-sədayə, Dərdli Kərəm desin şükür xudayə, Axır gəlib sənə yetişdim, Əsli! Bu halda balkona açılan qapılar taybatay açılıb, Ə s l i hövlnak bir surətdə balkona çıxır və aşağı baxıb deyir: Ə s l i--Kərəm!!! K ə r ə m--Can Əsli! Ə s l i bihuş kimi olur. (M u s i q i) K ə r ə m-- Gəzib-gəzib şəhərləri, kəndləri, Axır gəlib sənə yetişdim, Əsli! Unutmuşam cəfaları, dərdləri, Axır gəlib sənə yetişdim, Əsli! (M u s i q i) Ə s l i-- Dustaq kimi gəlib qalıb bu evdə, Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl! Bilməz idim çarə nədir bu dərdə, Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl! (M u s i q i) K ə r ə m-- Ağlar qoyub ata ilə ananı, İncitmişəm hər bir canı yananı. Ötürmüşəm Məcnunu və Sənanı, Axır gəlib sənə yetişdim, Əsli! (M u s i q i) Ə s l i-- Keşiş babam məni döyüb söyəndə, Qaçar ikən o kənddən bu kəndə, Ahu kimi düşüb qalıb kəmənddə, Söylər idim: Kərəm, Kərəm, Kərəm, gəl! (M u s i q i) K ə r ə m-- Şah oğluyam, dönmüşəm mən gədayə, Çıx gəl bəri, verək səda-sədayə, Dərdli Kərəm desin şükür xudayə, Axır gəlib sənə yetişdim, Əsli! (M u s i q i) Ə s l i-- Keşiş babam bağlayıbdır hər yanı, Yanmaz imiş onun mənə heç canı. Gözüm görmür bu işıqlı dünyanı, Çıx gəl bəri, Kərəm, Kərəm, Kərəm, gəl! --deyib, ipək nərdivanı aşağı atır, K ə r ə m nərdivana çıxıb, Ə s l i dəxi balkondan bədənini aşağı sallayıb, ikisi bir-biri ilə görüşməkdə ikən k e ş i ş bazardan qayıdır və əhvalatı bu halda görüb qışqırır. K e s i s--Ay haray!… Evimə oğru gəlibdir, ay haray!… Yığılın buraya?… Bu qışqırığa iki nəfər z ə b t i y y ə gəlib, K ə r ə m i və S o f i n i tuturlar, camaat dəxi evlərindən bayıra çıxıb, əllərində fanus olaraq bu əhvalatı görürlər. B ə z i l ə r i--Nə olub? Nə olub? O b i r i l ə r i--Keşişin evinə oğru-quldur gəlibdir. X a l q kamal-təəccüb ilə K ə rə m ilə S o f i n i n ora burasına tamaşa edir. K e ş i ş (kənara çəkilib)--Ax-ax-ax…. Tanıdım, odur, padşahın oğlu Əhməd Mirzədir…. Yenə gəlib məni tapd?, ax!… Bu halda Hələb p a ş a s ı daxil olur, yanında iki nəfər z ə b t i y y ə. P a ş a--Bu nə yığıncaqdır burada? Nə olubdur? Geri çəkilin! C a m a a t çəkilir. K e ş i ş--Paşam! Bu iki şəxs mənim evimi yarmaq istərkən gəlib üstə çıxmışam. P a ş a (acıqla)--Nakəslər! Bu şəhəri sahibsizmi zənn etdiniz? Nə cürət edib quldurluğa gəlirsiniz? Aparın bunları həbs edin! K ə r ə m (əcz ilə)--Paşam, izn ver, bir neçə kəlmə sözüm var. P a ş a--Nə sözdür, de görək. (M u s i q i) K ə r ə m-- Yazıq ömrüm qərib eldə keçirdim, Heç əhvalım bildirən yox, bilən yox! Getdi fürsət, əldə ikən qaçırdım, Qərib qaldım, güldürən yox, gülən yox! (M u s i q i) Əlimdən aldırdım nazlı sonamı, Tərk eylədim atamı, həm anamı, Deyə-deyə göm-göy etdim sinəmi, Xəncər alıb dəldirən yox, dələn yox! (M u s i q i) Mən Kərəməm, ah çəkərəm, ağlaram, Dərd bilənin ürəyini dağlaram. Kimi deyib, kimə ümid bağlaram. Göz yaşımı sildirən yox, silən yox! İndi buyur məni aparsınlar həbs etsinlər. PƏRDƏ İKİNCİ ŞƏKİL Hələb paşasının i m a r ə t i n d ə vaqe olur. P a ş a bir taxt üzərində əyləşib, meypuş qəlyan çəkir. Onun qabağında bir neçə q ı z oynayır. Bir qədərdən sonra n ö k ə r daxil olur, qızlar oyunu kəsib, bir kənarda dayanırlar. N ö k ə r--Paşam, bir dəstə camaat hüzurunuza izn istəyir. P a ş a--Burax gəlsinlər. C a m a a t və Ş e y x-N u r a n i daxil olurlar. (M u s i q i) C a m a a t (təsnif)-- Ey paşam, ey paşam, Kərəmi et azad. Ey paşam, ey paşam, Kərəmi et azad, azad et. Aşiq olub keşiş qızına, Aşiq olub keşiş qızına.(2dəfə) Ol aşiqdir! P a ş a (şur ilə)--Əmr olunsun, gedib dünənki məhbusu buraya gətirsinlər. Ş e y x-N u r a n i (Osmanlı üstə) Aşiqə etmə əziyyət, ey paşam, Aşiqin üftadədir, üftadədir, üftadədir. İstəsə aşiq əgər öz canını, Yar üçün qurban edə amadədir. C a m a a t-- Aşiq olub keşiş qızına, Aşiq olub keşiş qızına. (2dəfə) Ol aşiqdir. Ş e y x (yenə təkrar haman sözlər başqa tərkib musiqi ilə)-- Kuhkəm nəqşin çəkib, Şirinə vermiş bir fərib, Gör nə cahildir, yonar daşdan özünə bir rəqib. C a m a a t-- Aşiq olub keşiş qızına, Aşiq olub keşiş qızına. (2dəfə) Ol aşiqdir. Oxuyub gedir. K ə r ə m i gətirirlər, əllərində zəncir vardır. P a ş a (söz ilə)--Ey şəxs, sən kimsən və nəçisən, söylə! (M u s i q i) K ə r ə m-- Mən Kərəməm, İsfahandır elimiz, Ördək uçdu, viran qaldı gölümüz. Qoy olsun, necə olur halımız, Qurban olsun yar yolunda canımız. (M u s i q i) Ayrı düşdüm vətənimdən, elimdən, Gör kim, nələr çəkdim eşqin əlindən. Hər şəhərdə xəbər aldım gələndən, Hələbdədir Əsli,--mənə dedilər, (M u s i q i) Dərdimi duyanlar cümlə ağladı, Bəylər tutdu qollarımı bağladı, Ürəyimi eşq oduna dağladı, Burda mənə quldur adı verdilər. (M u s i q i) Yandı ciyərciyim döndü büryana, Axdı çeşmim yaşı döndü ümmana. Gətirdilər məni ulu divana, Bağladılar ayağımı, əlimi. (M u s i q i) Dərdli Kərəm qoydu başın qəzaya, Yar ilə getmədi xəlvət odaya. Çox şükürlər olsun bari-xudaya, Kəsmədilər ağzımdakı dilimi. P a ş a--Ey oğlan, sən keşişin qızına aşiqsən və adın Aşiq Kərəmdir. Özün də İsfahan padşahının oğlusan, öylədirmi? K ə r ə m--Öylədir, paşam. P a ş a--Əmr olunsun, keşiş və qızı buraya gəlsinlər. (Nökər gedir). Açın Kərəmin əlin. (Açırlar). Aşiq Kərəm, sən gəl keşiş qızından əl çək, mən sənə bu şəhərdə hansı gözəli desən alaram. K ə r ə m--Paşam, bizim öz vilayətimizdə gözəllər çox idi, lakin mən ürək sevəni istirəm, başqa məramım yoxdur. P a ş a--Ya istərsən gəl səni vətənə göndərim get. K ə r ə m--Vətən mənə Əslidən əziz olsaydı, onu buraxıb bunun dalınca düşməzdim. Bu halda k e ş i ş və Ə s l i daxil olurlar. Ə s l i və K ə r ə m bir-birini görcək bihuş olurlar. P a ş a--Keşiş, bu oğlan quldur deyilmiş, bu sənin qızına aşiqdir. Sən gəl qızı ver ona, rəhm elə! Mən sənə nə qədər desən dövlət verərəm. K e ş i ş--Paşam, əgər mən dövlət sevən olsaydım İsfahan padşahının sözünü rədd etməz idim. Mən öz qızımı, qızımın milliyyətini hər şeydən əziz tuturam. P a ş a--Sən bilirsən ki, bu oğlan sənin qızının aşiqidir. K e ş i ş--Bilirəm. P a ş a--Və bilirsən ki, qızın buna aşiqdir. K e ş i ş--Bilirəm. P a ş a--Və bilirsən ki, iki aşiqi mərama çatdırmaq savabdır. K e ş i ş--Bilirəm. P a ş a--Bəs nə üçün mane olursan? K e ş i ş--O mənim atalıq haqqımdır. Pa ş a--Keşiş, sən gəl bu işə razı ol, yoxsa…. K e ş i ş--Paşam, İran vilayətində mənim hörmətim padşah hörmətinə bərabər idi, amma mən yenə də oradan qaçıb, sənin şəhərinə gəldim və sənin kölgənə qısıldım, hərgah sən də məni incitmək istəsən, özgə bir şəhər hakiminə pənah apararam. P a ş a (Kərəmə)--Ey oğlan, sən müsəlmansan, bu erməni qızı, sən gəl bundan əl çək, get özünə özgə bir qismət axtar. (M u s i q i) K ə r ə m-- Hey ağalar, necə edəyim, Mən dönərəm, könül dönməz. Bir gözələ düşdü könlüm, Mən dönərəm, könül dönməz. (M u s i q i) Kəklik kimi səkişindən, Köküs əlvan naxışından, Bir hərami baxışından, Mən dönərəm, könül dönməz. (M u s i q i) İstəmirəm başqa özündən, Mənə söylə Əsli sözündən. Əsli kimi keşiş qızından, Kərəm sevdi Əsli xanı. Mən dönərəm, könül dönməz. (M u s i q i) Yoluna qoymuşam canı, Gözümdən axıtdı qanı, Mən dönərəm, könül dönməz. (M u s i q i) P a ş a--Ax!… Qoy indi bir qızdan soruşum, hərgah qız sənin yanında oğlana getmək istəsə o halda, keşiş, gərək heç bir sözün olmasın. Olsa da sənə cəza elətdirərəm. Ey qız, söylə görüm, sən Kərəmə aşiqsənmi və Kərəmə getmək istəyirsənmi? (M u s i q i) Ə s l i-- Kərəm mənə, mən Kərəmə aşiqik, Ver Kərəmə məni, paşam, rəhm elə. Hər ikimiz aşiqliyə layiqik, Ver Kərəmə məni, paşam, rəhm elə. (M u s i q i) İllər ilə həsrətini çəkirdim, Gizli-gizli qan-yaşımı tökürdüm, İki əlli bir başıma döyürdüm, Ver Kərəmə məni, paşam, rəhm elə. (M u s i q i) Qorxum yoxdur keşiş babamdan mənim, Dözə bilməm, təngə gəlibdir canım. Mənim yarım ancaq Kərəmdir, Kərəm, Ver Kərəmə məni, paşam, rəhm elə. (M u s i q i) H a m ı (musiqi: təsnif)-- Keşiş, razı ol bu işə! K e ş i ş--Olmam, olmam. C a m a a t--Keşiş, razı ol bu işə. P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirmək istəyir). C a m a a t--Əslini ver Kərəmə. K e ş i ş--Verməm, verməm. C a m a a t--Əslini ver Kərəmə. P a ş a--Razı ol, razı ol (deyib, qılıncı sivirir və keşişin üstünə qalxır.) K e ş i ş--Olmam, olmam, olmam!… (Söz ilə birdən). Ver, ver, ver Əslini Kərəmə! Əmma hərgah bunlar həqiqi aşiqdirlərsə, gərək bu dünyada kam almasınlar! Almasınlar! Almasınlar! (Deyib, çıxıb gedir). P a ş a (Kərəmə)--Al oğlan, öz yarını apar! Ə s l i ağlayır, K ə r ə m hövlnak bir haldadır ki, guya canı odlanır. Əsliyə tərəf əllərini uzadıb oxuyur. (M u s i q i) K ə r ə m-- Gəl, gəl, Əslim, yetər, ağlama, Yanaram, Əslim, yanaram! Ciyərim artıq dağlama, Yanaram, Əslim, yanaram, hey!… Rəhm elə bir gəl halıma, Atəş düşübdür canıma, Öləndə gəl məzarıma, Yanaram, Əslim, yanaram, hey!… Mən Kərəməm, haqq aşiqiyəm, Aşiqliyə mən layiqəm. Rəhm eylə tez, mən yazığam, Yanaram, Əslim, yanaram! Kərəm söyləməz adım, Ərşə dayandı fəryadım. Əldən getdi muradım, Yanaram, Əslim, yanaram! Yanaram, yanaram, Əslim, yanaram, yanaram, hey!… (M u s i q i) --deyirkən hər tərəfdən alov çıxıb, odlanıb yanır. Əsli də əlindəki xəncərini çıxarıb sinəsinə çaxır və yıxılıb ölür. Bütün məclis əhli mat və məəttəl qalıb, kamali-heyrətdə ikən pərdə yavaş-yavaş enir. P Ə R D Ə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-esli-ve-kerem İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.