Felyetonlar Üzeyir Hacıbəyov (1885–1948) Ay ötür, gün keçir Dövlət duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası ilə oynatsın. Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün bir elə duma qura bilərmi ki, hökuməti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir. Ancaq bir onu demək lazımdır ki, indiyə kimi biz camaat hökumətin cürbəcür zurnasına oynayıb, hamısının ləzzətini görmüşük. İndi allah eləsin, iş elə gətirsin ki, hökumət camaatın zurnasına oynasın, görək onun ləzzəti nə cürdür. Deyilənə görə, o gərək çox dadlı olsun, çünki o zurnada çalınacaqdır: hürriyyət şikəstəsi, ədalət çahargahı və müsanat bayatı-şirazı. Mən mərc gəlirəm ki, bu bir-iki ilin ərzində cəmi Rusiyada hürriyyət, ədalət və müsavat sözlərindən çox işlədilən heç bir söz yoxdur. Hər kəs və hər bir firqə bu sözlərə ayrı-ayrı mənalar verir və özgə cürə bəyan edirlər. O bəyanatın hamısını mən yaxşı bilirəm və oxuculara başağrısı olsa da, burada söyləyəcəyəm. Məsələn, götürək "hürriyyət" sözünü. Bu sözün mənası "hökumət firqəsi"nin istilahınca belədir: Bir adama danışmaq üçün izn vermək, amma ağzını açanda bir şapalaq vurub yumdurmaq. Bir adama bir işi görmək üçün rüsxət vermək, amma o, işə başlayanda vurub başını yarmaq və ya qıçını sındırmaq. Haman "hürriyyət" sözü "mərdümazar" firqəsinin dilində bu mənadadır: yetənə yetmək, yetməyənə bir daş atmaq. Yenə haman söz "əsl ruslar" firqəsi istilahınca bu məzmundadır: "Əsl ruslar"a azadlıq, sairlərinə yox; sairlərə qulluq, "əsl ruslar"a yox!" İndi götürək, "müsavat" sözünü. Sair firqələri bilmirəm, amma əsl "nucəba firqəsi" istilahınca bu söz o mənadadır ki, hər kəs anqırıb tayını tapsın! O ki, qaldı "ədalət" sözünə, onu da haman "Nücəba firqəsi" belə bəyan edir ki, məsələn, dünya əmələ gəlib ağalardan və kədalardan. Ağa — insanın papağı mənziləsindədir, gəda — onun başmağı yerində (necə ki, burada mətləb bir qədər nazikdir, yaxşı mültəfit olun). Başmağı başa geymək, papağı da ayağa geymək başmaqla papağın haqqında bir cürə zülmdür, həmçinin "ağa"nı aşağı başda oturdub, "gəda"nı da yuxarı başda oturtmaq bunların haqqında zülmdür. Amma tərsinə olsa, "ədalətdir". Erməni "Daşnaksutun" firqəsinin dilində "ədalət" bundan ibarətdir: qonşuya badalaq vurub, özünü irəli soxmaq. (…). Hökumət firqəsi istilahınca "ədalət" budur: günahlı ya günahsız bir adamı tutmaq və tutub da qazamata salmaq. Bir-iki ildən sonra sud qurub, onların işinə baxmaq. Əgər günah sahibidirsə, bir də təzədən qazamata salmaq, günahı yoxdursa, buraxmaq ki, kişi iş-gücündə avara olmasın (…). * * * Ordan-burdan 1 İdarəmizə poçt gələn kimi hamımız yığılırıq başına ki, görək nə var, nə yox. Biz qəzetlərə baxırıq, müdirimiz də məktubların konvertini bir-bir cırıb qoyur kənara və deyir: – Aləm şair oldu! Biz soruşduq: – Necə? Müdir dinməyib, kənara qoyduğu kağızlara işarə edir. Baxıb görürük ki, hamısı şeirdir. Çox gözəl, heç sözümüz yoxdur və bunu da bilirik ki, şairlik böyük bir vergidir və şeri oxuyan da gərək bundan bir ləzzət anlasın və ya özündə bir hüsn hissi oyandığını bilsin. Bu əhvalatı nəzərdə tutub başlayırıq şeirlərdən bir-bir oxumağa. Görürük ki, biri belə yazıbdır: Ey olan qanına qəltan İran, Hansı zalım etdi səni belə viran? Yoldaşlarımızdan biri deyir: – İran padşahı? Biz də təsdiq edirik ki, bəli, İran şahı və görürük ki, bu sualın heç mətləbə dəxli yoxdur. Sonra dalısını oxuyuruq, görürük “şair”, “İran”, “viran” kəlmələrinə bir qafiyə tapıb: can. Və bu qafiyəni şerə salmaq üçün belə deyibdir: Gör necə oldular qurban neçə can Yoldaşlarımız bir-birinin üzünə baxıb və başını bulayır. Dalını oxuyuruq, “qurban” sözü tapıb və yazıbdır: Tiqi bürranilə oldular qurban! Baxırıq ki, bizdə heç bir hiss oyanmır. Ancaq yadımıza nədənsə Rüstəm pəhləvan düşür. Dalısını oxuyuruq: Qırdılar hamını tamam yeksər, Qaldı orda bircə pədər. “Şair” burasını yazdıqda yəqin güman edirmiş ki, oxuyanlar ağlayacaqlar. Amma. sözün doğrusu, bizi gülmək tutur və yoldaşlarımızdan biri deyir: – Yəqin dalı da olacaq – dərbədər. Doğrudan da görürük yazıbdır ki: Övrət, uşaq oldu dərbədər. Çığırdı qundaqda tifli südəmər. Burada yoldaşlarımızdan biri təvəqqə edir ki, izn verək, şerin dalısını o desin və heç dayanmayıb bir nəfəsalmaya deyir: Səyin oldu, ey şair, lap hədər Bu cürə şeirlər səbətə gedər. Şeir yazmaq da çox hünər istər, Səndə də yoxdur bir belə hünər. Sən get bu dərsi bir elə əzbər və de: Əlif, bey, püş, dü zəbər, dü-zir! Doğrudan da şairlərimiz bunu yadlarından çıxarmasınlar ki, şerin hər bir fərdi məlumdur, hissin tərcümani olmalıdır ki, oxuyan kəsdə də o hiss oyansın. Yoxsa qafiyəbazlığa qalsa, aşıq Pəri xala da şairdir ki, deyibdir: Ay doğdu qəlbiləndi, Doğduqca qəlbiləndi. Gedib canana deyin ki, Bu qəlb o qəlbnəndi. * * * Biz ilə yevropalıların təfavütü Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir…. Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz. İkinci təfavüt. Bu halda, yəni bu iyirminci əsrdə yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək…. Şer: Onlar əvvəl adam imişlər ki, indi də quş olmaq istəyirlər, Bəs biz əvvəl nə imişik ki, indi adam olmaq istəyirik? İndi keçək başqa məsələlərə. Təkəbbür və lovğa adamdan hamının zəhləsi gedir, amma hamı da o cürə adamlardan çəkinir və həmişə onlara yol verməyə məcbur olur. Hər halda, bu məsəl ki--ağac bar gətirdikcə başını aşağı tutar--hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər də aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu "başıaşağılıqadan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı "ağaclar" bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun! * * * Ordan-burdan 2 “Novoye vremya” qəzetində yazdığı beş-altı sətir şeylər əvəzində 12 min manat məvacib alan Stolıpin (baş vəzirin qardaşıdır) İran barəsində belə yazır: “Bir rus qulluqçusu Zakaspi oblastda iranlı kəndinə gedib mehmannəvaz bir iranlının evində qalır. Çörək yedikdən sonra haman qulluqçu papiros çəkib spiçkanın qutusunu yerə atır. İranlı tez qutunu götürüb başlayıb ora-burasına tamaşa eləməyə...” (Yəni deyir, iranlı o qədər vəhşi idi ki, spiçka qutusu da görməmişdi). “Qutunun üstündə Pyotr Kəbirin şəkli vardı...” Mən 25 ildir ki, papiros çəkib, min cürə spiçka qutusu görmüşəm. Heç birinin üstündə rus padşahı Pyotr Kəbirin şəklini görməmişəm. “Qulluqçu şəklin kim olduğunu iranlıya qandırdıqda, iranlı ona ehtiram etməyə başlayır, öpür və kəmali-təntənə və dəbdəbə ilə spiçka qutusunu yuxarı başa qoyub deyir ki, bunu iki gözüm kimi saxlayacağam”. (Bəli! Yəni iranlılar vəhşilikdən savayı bir də çox padşahpərəstdirlər, demək istəyir). “Mən İranda olmuşam, amma məndən ötrü çox təəccübdür, nə təhər oldu ki, iranlılar birdən inqilab başladılar?” (Yəni deyir: Necə ola bildi ki, vəhşilikdən spiçka qutusunu öpüb gözlərinin üstünə qoyan iranlılar, birdən hürriyyət və azadlıqdan dəm vurmağa başladılar? Bunlar haman iranlılar dəyillərmi ki?). “Dəmir yolunda işləyən zaman iki min nəfərləri bir balaca türkmən dəstəsi qabağından dovşan kimi qaçırdılar?.. Bu tayfa cəmi-cümlətanı bir iyirmi ilin ərzində bu qədər dəyişə bilərmi? Buna inanmaq çətindir.” (İndi ağzımı açıb burada bir neçə söz deyərəm... sonra məni qınayarlar). “Yox, mən inanmıram İran inqilabına. Bu nə inqilabdır ki, beş yüz qazağın rus polkovniki sərkərdəliyi ilə olan hücumu ilə sakit oldu...” Cənab yazıçının daldakı sözlərindən bu çıxır ki, şah özü tazə fikir sahibli bir adamdır və camaat o ağılda ola bilməz və iranlılar şah ilə hürriyyət davası etməyib, bəlkə cəhalət davası edirlər. Şahın tazə fikir sahibi olduğunu yazıçı cənabları yəqin kəsilmiş başlardan, cırılmış qarınlardan və asılmış bədənlərdən bilir. Doğrudan da, ölülərin qarnını cırmaq tazə fikirdir! Amma Stolıpin cənabları isə, bu da İran işlərində taza cahildir, zira ki, – “iranlılar inqilab bacarmazlar, çünki bir İran kəndlisi spiçka qutusunu öpmüşdü və beş-altı hambal da türkmənlərdən qorxmuşlar”. Demək, məntiq cəhətincə böyük bir cəhalətdir və Mələkəl-Mütəkəllimeynləri, Cahangir xanları, Təbatəbai və s. hürriyyət qurbanlarını şahdan ağılsız hesab etmək – insaf cəhətincə böyük bir ağılsızlıqdır. * * * Bir dəlinin dəftərindən Bir məsəl var deyirlər ki, ikiayaqlıya etibar yoxdur. Doğrudan da belədir, dünyada hər nə ikiayaqlı məxluq var, onların heç birinə etibar eləmək mümkün deyil. Götürək, məsələn, toyuğu. İkiayaqlı məxluqdur. Nə qədər dən ver, nə qədər yem ver, yenə də səni görəndə qaçacaqdır. O ki, qaldı adama--ikiayaqlı məxluqdur--daha burada heç danışmaq lazım deyil. Amma bu işin səbəbi var. Məsələn, evdən çıxırsan bayıra və görürsən ki, bir dənə toyuq ayağının birini qalxızıb təkcə durubdur. Və özü də bərk fikrə gedibdir. İstəyirsən ki, yanına gedib bir qədər dən verəsən. Görürsən ki, o saat qaçdı. Deməli, toyuqla sənin aranda etibar yoxdur. Çünki sən də ikiayaqlı, o da. İndi görək bunun səbəbi nədir? Toyuq çox yaxşı bilir ki, sən toyuq yeyənsən və madam ki, səni görür həmişə qorxur. Odur ki, bir sürü toyuğa da çağırıb dən tökəndə görürsən ki, yazıq toyuqların bir gözü dəndə və bir gözü də səndədir. İndi gələk adamlara! Deyirlər ki, qədim zamanlarda adamlar bir-birilərinə çox yaxşı etibar elərmişlər və hətta bir zaman var imiş ki, bir salavata çörək də almaq olarmış, başmaq da və papaq da. Mən bilmirəm ki, bu əhvalat doğrudurmu, yoxsa yalan. Ancaq onu bilirəm ki, bu gün o cürə şeylər ola bilməz. Çünki bu gün salavat əvəzinə pul lazımdır. Pulu qazanmaq da salavat çəkmək kimi asan deyildir. İndi bu gün əgər bir adam o biri adama etibar eləyirsə, pulun cəhətinə eləyir və illa pulu olmasa, itmiş pasport kimi etibardan saqitdir. Pul insanlar arasında rəsmiyyət törədir. Məsələn, Həsənqulu ilə Cəfərəli bir-birilə danışırlar, Həsənqulu deyir ki, bu gün başım bərk ağrıyır, onda Cəfərəli cavab verir ki, bir qədər fenastin al, yainki yatarkən başuva dəsmal çal, ya həna qoy. Amma elə ki, Həsənqulu Cəfərəliyə bir manat zərər vurur, o halda Cəfərəli elə vurur ki, Həsənqulunun başı nəinki ağrıyır, bəlkə yarılır və qan axır. İndi mənə deyəcəklər ki, sənin sözlərində məntiq yoxdur. Məntiq nədir? Məntiq danışma elmidir. Danışan kəs gərək elə danışsın ki, sözünün dalı qabağı bir-birinə düz gəlsin. Məsələn, deməsin ki, bu gün hava çox gözəldir, çünki dünən bərk acmışdım. İstərsiniz məntiq barəsində bir qədər söyləyim. Burda misal lazımdır. Məsələn, şüşə qırılar, əlimdəki şüşədir. Bəs əlimdəki şüşə də qırılar. Bir özgə məsəl: İnsanlar öləcəkdirlər. Sən insansan, bəs sən də öləcəksən. Yainki insan ikiayaqlıdır. Və ikiayaqlıya da etibar yoxdur. Toyuq dəxi ikiayaqlıdır, bəs onda, toyuğa da etibaar yoxdur. Onda birisi gəlib deyir: Toyuğun iki ayağı vardır və özünə də etibar yoxdur. Sənin də iki ayağın var və sənə də etibar yoxdur. Bəs onda sən toyuqsan! Yox, bu söz xilafi-məntiqdir, buna sofizm deyərlər. Elə haman o sofizmdir ki, Tehran hökumətini bu günə saldı və həm ağlamalı və həm gülməli bir komediya qayırdı. İran hökuməti deyir ki, sair hökumətlər məşrutə verdilər, çünki camaat elə istəyirdi. Amma İran camaatı elə istəmir və ona görə mən də məşrutə vermirəm. Burada məntiq olardı, hərgah "İran camaatı elə istəmir" sözü qələt olmasaydı. Amma, çünki o söz qələtdir, ona görə bu mətləbdə, İran hökuməti qanacaqdan kənar olan kimi, məntiqdən də kənardır. Mən burada çox sözlər danışardım, amma danışmıram. Zəban dər dəhan ey xirədmənd çist? ……………………………………………..nist. * * * Ordan-burdan 3 Osmanlıda qanuni əsasi... Otuzillik istibdad, istər osmanlıların özlərinə, istər bizlərə, istər əcnəbi adamlara o qədər təsir edib, Osmanlı xüsusunda fikrimizi o qədər çaşdırıbdır ki, “Osmanlı və qanuni əsasi” sözlərinin bir yerdə olması bizə... məzəli görünür və hətta məntiq (loqika) cəhətincə də guya xilaf hesab olunur. Osmanlıda qanuni əsasi... İngilisdə qanuni əsasi... Almaniyada qanuni əsasi... Yaponiyada qanuni əsasi... Hətta Rusiyada qanuni əsasi... Axırı lap İranda da qanuni əsasi... Bir sözlə, bizlərə bir o qədər – hətta nəinki bir o qədər – lap heç təəccüblü görünmür. Doğrudan da elədir. Almaniyada qanuni əsasi – Məşədi Rüstəmin papağı – bu ikinci sözlərə təəccüb etmədiyimiz kimi əvvəlincilərə də etmirik. Amma, Osmanlıda qanuni əsasi – bu ona bənzər ki, məsələn, Kərbəlayı Hüseynqulunun furajkası. Xülasə... Osmanlıda qanuni əsasi! Adamlar bir-birini görüb soruşurlar: bu nə olan işdir, sultandan çıxmaya?! Deyirlər ola bilsin ki, sultan mərhum Müzəffərəddin şah kimi etmək istəyir. Bu çox yaxşı olar, hərgah sultanın oğlu Məmmədəli şah kimi eləməyə! Amma o, eləyə bilməz, çünki Osmanlı camaatına qanuni əsasinin tək bir ucunu göstərmək kifayətdir, dalını özləri çəkib çıxardarlar. Bəli! Əvvəlcə İstanbul qəzetələri belə yazırlar: “Sayeyi-mərhəmət – vayeyi-xilafət pənahidə kəmali-rəfahət və səadətlə yaşamaqda olan Anadolu əhaliləri dövlət məmureyini-girmanının onlar ilə olan müamileyi müşfüqanəsindən dolayi təşərrüati – binahayələrinin xaki-payi-şahanəyə təqdim edib... kefləri kök və damaqları çağ olduqlarını bildirir.” Amma qanuni əsasidən sonra belə yazacaqlar: “Anadolu vilayətinin əhalisi acından tələf olmaqdadır. Zalım və rüşvətxor məmurların zülmü binəva əhalini cana gətirmişdir. Arvad-uşaqların ahu-naləsi göyə qalxmışdır. İstanbul bunlara tez bir əlac eləsin.” Təfavot əz koca ta bekoca! Hələlik bu sözlər bəsdir. Çünki qorxuruq ki, birdən sözümüzü geri götürməyə məcbur olaq. Ancaq burası da məxfi qalmasın ki, əgər doğrudan da sultan qanuni əsasi versə, o surətdə Məmmədəli şahın sultana bərk acığı tutacaqdır. * * * Ordan-burdan 4 Osmanlı qanuni əsasisinə inanmaq olarmı, olmazmı? Həmin bu məsələ çox adamın fikrinə gəlir və çox adamın bir çoxu deyir ki, olmaz və bir qədəri də “olmaz” demək xoşuna gəlmədiyinə görə deyir “olar”. İndi baxaq görək olarmı? Olmazmı? İngilis osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır! Rusiya da osmanlıya dedi ki, Makedoniyada islahat lazımdır. Bu cürə sözlər osmanlıya giran gəldi. Bir az fikir elədi və soruşdu: – Makedoniya kimin yeridir? Dedilər: – Xristianların! Bu cavab osmanlını bir-iki dəfə öskürməyə məcbur etdi və baxdı gördü ki, bunların “islahat” sözü özgə bir mənaya işarədir. Doğrudan da çox vaxt belə olur ki, lap açıq və aydın bir sözün başqa bir mənası olsun. Məsələn, görürsən Kərbəlayı Cənnət axşam evində oturub arvad-uşağı ilə bozbaş yeyir. Bir də eşidirlər ki, darvazadan bir səs gəlir: – Kərbəlayı Cənnət! Kərbəlayı Cənnət, bir qapıya dur, səni görmək istəyirlər. Kərbəlayı Cənnət, bu sözlərin əsil mənasına müvafiq, qapıya durur ki, onu görsünlər... Burada Kərbəlayı Cənnəti vurub öldürürlər. Onda Kərbəlayı Cənnət başa düşür ki, “qapıya dur, səni görsünlər”, yəni “gəl səni öldürək”, mənasına imiş. Osmanlı Kərbəlayı Cənnət kimi eləmədi. Yəni bəri başdan anladı ki, “Makedoniyada islahat lazımdır”. Yəni Makedoniyanı qopardıb Osmanlıdan ayırmaq lazımdır. Osmanlı düşündü: “Serbiya qopdu, Bolqariya qopdu. Qaradağ qopdu, Qafqazın günbatan tərəfi qopdu, Bessarabiya qopdu. Kirit qopdu, Kıbrıs qopdu, Misir qopmaqdadır. Ərəbistan qopar-qopmazdır. İndi də Makedoniya qopsun, bəs nə qalsın?”. Doğrudan bəs nə qalsın? İngilis genə yoldaşı ilə gəldi, dedi ki, Makedoniyada islahat lazımdır! Lənət şeytana!.. Deyirsən baba lazım deyil: yer mənim, mən mənim. Sizə nə? Onda da ortaya “müdaxilə” məsələsini qoyarlar. Bəs nə olsun? Osmanlı bu fikirdə idi ki, birdən gənc türklər “bizə qanuni əsasi” deyib çığırmağa başladılar. Osmanlı bu “qanuni əsasi”ni eşidən kimi dedi: – Ah, tapdım! Makedoniyada “islahat” lazım deyil! – deyib qanuni əsasi verdi. İngilis yenə yoldaşı ilə gəldi ki, Makedoniyada islahat lazımdır! Osmanlı dedi: – Onu mən bilmirəm. Soruşdular: – Bəs kim bilir? Dedi: – Osmanlının məclisi millisi! – Necə? Osmanlıda məclisi milli? Yoxsa gənc türklərdən qorxdun? İstəyirsən qoy biz gələk onları dağıdaq! Osmanlı dedi: – Yox zəhmət çəkməyin. Dedilər: – Ey bivəfa! İstibdada vəfa etmədin!.. Dedi: – Canım, sözün doğrusu, baxıb görürəm ki, məsələn, budur sizin qanuni əsasiniz və məclisi milliniz var, ona görə də heç kəs sizə demir ki, məsələn, Hindistanda islahat lazımdır, ya Qafqazda islahat gərəkdir!.. Bu səfər məni bağışlayın. İndi görək Osmanlıda qanuni əsasi olarmı, olmazmı? Mən deyirəm olar. * * * "Tərcüman"ı oxuyanda Bundan sonra, əzizim oxucu, bundan sonra fikrimdə var ki, bir müddət ağzımı açıb daha danışmayam. Bilirəm ürəyində deyəcəksən ki, çox da yaxşı olar. Elə mən özüm də deyirəm ki, çox da yaxşı olar, çünki özünüz arif adamsınız, çox yaxşı bilirsiniz ki, bu dünya elə bir dünyadır ki, görürsən, hər sözün üstə adam adamdan inciyir, adam adama ləc düşür və bir-birini görəndə dəvə nalbəndə baxan kimi baxır. Sözün doğrusu, mən nə nalbənd olmaq istəyirəm, nə də dəvə. Ona görə də elə bu gündən belə daha danışmayacağam. Bəs nə qayıracağam? Adam danışmayanda nə qayırar? Qulaq asar. Mən də qulaq asacağam. İndi bu saat mən qulaq asıram. Bu tövr qulaq asıram ki, "Tərcüman" qəzetini əlimə alıb, 27-ci nömrəsini oxuyuram və görürəm ki, bu cürə sözlər yazılıbdır: "…. Bu üsuli-idareyi-qəbihənin məğdudiyyəti arasında Sarbonda öldürülən dilmanc Rüşi paşayı, Taifdə boğdurulan Midhət paşayı, Losbos cəzirəsində zəhərlənən Sadiq paşayı zikr etməkdən keçəlim…." Birdən elə bilərsiniz ki, bu sözləri mən deyirəm, ha! Əsrəğfürullah. Nə borcuma qalıbdır?! Hə, görək ta nə yazır: "Bunların üçü də əvvəllərdə sədri-əzəm idi. Səfvət paşa, Arif paşa zərurət və həqarət içində can verdi. Bunlar da sədri-əzəmlik etmişdilər. Sədulla paşa cəbr ilə Vyana elçiliyində olduğu zaman irtəhal etdi. Dedilər ki, o özü-özünü öldürdü…." Bax, əzizim oxucu! Fikir eləmə ki, bu sözlər mənimdir, Ha! Mən danışmıram. Danışmaram, ayrı sözlər danışaram. Məsələn, deyirəm ki, bu gün hava mötədildir. Bazarda armudun girvənkəsi çox bahadır. Allah eləsin, sabah yağış yağmasın. Murtuza Vəli oğlunun iti bizim pişiyi boğdu. Qərəz, bu cürə…. Hə, görək ta nə yazılıb: Muzrus paşa iyirmi sənəlik Londra səfarətindən sonra Yeni türkləri kafi dərəcədə axtarmayıb deyə Məçhura qovuldu. O əsgəri olan Hüseyn paşa bir gecə birdən-birə öldü. Səbəbi--vəfatının təhqiqi üçün heç bir həkim çağırılmadı. Türkeyi-cədidənin ən böyük şairi Kamal bəy Midillidə sürgündə vərəmdən vəfat elədi…." Pah atannan yeri! Nədəndirsə, adam qəzet oxuyanda, görürsən ki, yuxusu gəlir. Mənim ağlıma görə, bir adamın yuxusu qaçanda xabgər əvəzinə qəzet oxusun, lap tez yatar. Bəli, görək "Tərcüman" ta nə yazır: "Nəsrən yazı yazmaqda ən sahibi-şöhrət adamlardan Səit bəy bu gün Yəməndə çürüyor. Ərkani-hərb və dövlətin ən ali zabitlərindən--sərəsgərlərdən böyük Ali paşa, damadı Nazim paşa Ərzurum zindanlarında, Fuat paşa Şamda müstəhkəm bir qələ içində sürünüyor…. Türk-rus müharibəsində ən ziyad iqtidar göstərən üməradan Süleyman paşa Bağdada sürüldü və sonra orada iradeyi-şahanə ilə öldürüldü…." Möhtərəm oxucu, bəzi vaxt mənim ağlıma bu cür şeylər gəlir: Birdən dünyada nə ki ölü var, hamısı dirilə, onda bəs dirilər nə qayırar? Mənim ağlım kəsir ki, onda aralığa çox bərk bir dava düşər. Amma allah göstərməsin, yoxsa arvad-uşaq ayaq altında itər-gedər! Əşi, çox fikir adamı dəli elər. Qoy "Tərcüman"ımızı oxuyaq, görək ta nə var: "Polonya qəhrəmanı Qazi Osman paşa Yıldızdakı altun qəfəsdə illəti-qəlbiyyədən vəfat elədi…." Sözün doğrusu, ta dalını oxuya bilmirəm, çünki bir qədər xasiyyətim pisdir, qoy qalsın…. * * * Ordan-burdan 5 Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və tez kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümüzü qəzetənin oraburasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb: “Bu gün pək sicaqdır – yoğurt (qatıq) insanə nəfdir”, “Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu” və sairə. Beş-altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq, gördük ki, elə hamanki sözlər yazılıbdır. Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli-filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu cürə eləsək, yaxşı pul qazanarıq. Lakin biz bu alış-verişi arzu edənlərə tərk edib, dedik ki, vəqtimiz yoxdur. Qərəz Osmanlıda qanuni əsasi verildi və hürriyyət elan mətbuat oldu... Dünən idarəmizə “Tərcüman həqiqət” adlı İstanbul qəzetəsi gəldi. Biz bunu görər-görməz toyuq-cücələri çörək qırığının üstünə yüyürən kimi qəzetənin üstünə yüyürdük və başladıq basabas salmağa, bir tərəfdən yayın istisi, bir tərəfdən adamların nəfəsi – tər tökə-tökə, ac qurd kimi tamahla qəzetəni oxumağa başladıq və nə gördük, İstambul qəzetəsinin içində, “Hürriyyət, ədalət, müsavat, uxuvvət” sözləri! Və bir də haman sözlər ki, bu gün qəzetəmizdə götürüb yazmışıq, təvəqqe edirik ki, oxuyasınız. Xülasə ki, hürriyyətə inanmayan kafirdir. * * * Ordan-burdan 6 Yazı yazanın yazı yazmaqdan qabaq fikri – Nə yazım? İrandan yazım? Yoxsa Osmanlıdan? Yoxsa Rusiyadan yazım, yox qoy öz əhvalımızdan yazım. Yaxşı, öz əhvalımızdan nə yazım? Cəhalət... Ah! Daha bu söz zəhləmizi tökdü! Bəs nə... bu qarandaşı çıxardan nə ağıllı adammış... Qarandaş! Bu sözün əsli qarandaş deyil, qara daşdır, deməli, türk sözüdür, bəs onda gərək qarandaşı icad edən də türk olsun!.. O kim imiş?.. Osmanlıda qanuni əsasi – qoy bu barədə yazım. İran ilə Osmanlını tutuşdurum... Amma biz də qəribə adamlarıq ha! Bildir sultana söyürdük, İran şahını tərif edirdik. İndi İran şahını söyürük, sultanı tərif eləyirik. İndi bunu bir əvam adama söyləsəm deyər ki, siz mütəqəllib adamsınız... Mütəqəllib. Yəqin bu söz qəlp sözündən çıxıb. Qəlp pul, qəlp adam. Adəm Əleyhissəlam... Məsələn, 200 ildən sonra bizdən heç bir nişanə də qalmayacaq... Amma təəccübdür, vallah! Keçən gün Qız qalasına baxırdım... Neçə illərdir ki, durur və neçə-neçə şeylər görür, deməli, tarixin dilsiz şahididir. Amma məni yandıran burasıdır: canım, axı bu qalanı, bu hasarı bir adam tikibdir, onun üstündə əlləşibdir, bax haman bu daşları öz əli ilə götürüb, gətirib buraya qoyubdur. Yaxşı, bəs indi o adam hanı?.. Hanı o adam? Vallah, lap acığım tutub. Bu barını tikən, bu daşları düzən o canlı, başlı, ağıllı, hissli adam yox olub gedib, amma onun qayırdığı bu cansız, ruhsuz, hissisiz şey indiyə qədər qalıb, hələ bundan sonra da nə qədər qalacaqdır!.. Hə, indi mən nə yazım? Ah, bu əhvalat məni xarab elədi: yaşa, ömür elə, əziyyət gör, cəfa çək, utan, inci, qorx, ağla, ağla balam, ağla, sonra da öl! Yox ol, dön torpaq ol! İndi ki belədir, indi ki axırda mən ölüb heç olacağam, indi ki mənim bu əziyyətlərim, çəkdiyim cəfalar hamısı əbəs olacaqdır, onda!.. Adam çox fikirləşsə anarxist olar, vallah! İran padşahlarını pisləyirik ki, deyirmişlər: – “Pəs əz mən hərce bada-bad!”. Vallah, doğru deyirmişlər. Çox da deyək ki, məsələn, Nəsrəddin şahdan sonra İran bütün dünyanın hakimi olub, iranlılar da lap qızıldan paltar geyinmişlər! Bundan Nəsrəddin şaha nə? Hərgah öləndən sonra bunu hiss eləyə bilsəydi, yenə sözümüz olmazdı – axı hiss eləmir!.. Əşi, bu sonranın fikridir, hələ qoy görək indi nə yazaq! Çox gözəl, sultan qanuni əsasi verdi... Adam indi İstanbula gedə, yox, əvvəl Tehrana gedə, ondan sonra İstanbula gedə! Gərək 4 gün yol gedəsən. Əvvəl Batuma... Kim deyirdi ki, Məşədi Rüstəm Batumdadır? Gərək ki, mən dünən onu bazarda gördüm, boynunda başlıq vardı... İranda adamların boynuna zəncir salırlar... Dəmir şişləri qızdırıb bədəninə soxurlar! Bah, bah, biz bu sözləri eşidirik, amma heç halımıza təfavüt eləmir. Məsələn, dünən yazılmışdı ki, İranda “Ruhül-qüds” müdirini ölüm cəzasına məhkum edibdirlər, sonra da yazılmışdı: “Onu boğacaqlar”... Gör ha, o adamı boğacaqlar. Biz hamımız bunu oxuduq, sonra qəzetəni yerə qoyub işimizə getdik. Dəxi bir fikir eləmədik ki, axı necə yəni “onu boğacaqlar?”. Adamı boğmaq çox pis şeydir... Necə olar ki, adamı boğsunlar!.. Məsələn, kəndiri boğazına salıb dartacaqlar, onun nəfəsi tıncıxacaqdır... ürəyi qısılacaqdır, istəyəcəkdir ki, çıxsın getsin evlərinə... arxayınca otursun... bu cəlladlar nədir? Onlar da bizim kimi adam deyillərmi? Nə üçün adamı boğurlar?.. Şah buyurur!.. Şahı boğsunlar, yəni bir azca boğsunlar, onda o görər ki, bu cürə şeylər pis zaddır, daha bir də adamı boğdurmaz... Allahın altında insanın bədəni elə yaranmış olaydı ki, onu nə boğmaq, nə güllə ilə deşmək, nə xəncərlə parçalamaq, nə qayalardan atıb əzdirmək, nə suda qərq etmək, qərəz, bir şey ilə öldürmək mümkün olmamayaydı... Ah, çox fikir adamı dəli-divanə elər. Amma bir tərəfə baxsan, dəli olmaq da bəd deyil... Yox, bu gün mən heç zad yaza bilmədim, qalsın sonraya!.. * * * Ordan-burdan 7 Hilal ilə Şiri-Xurşid Ş i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın? H i l a l – Bəs sən çıxmışdın, nə üçün birdən batdın? Ş i r i - X u r ş i d – Bizim adamların çoxu adam deyillər. Bəlkə adam sifətində olan bayquş, yapalaq və bu cürə şəbpərə quşlarıdır, necə ki, indi İranın viran olmağı da buna böyük dəlildir. Mənim şəfəqlərim bu bayquşların gözlərinə ox kimi batırdı, ona görə onlar mənim çıxmağıma tab gətirə bilmədilər və məni batırdılar. H i l a l – Mən də 30 ildir ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcə qaralıb qalınlaşıb, hər yeri zülmətə döndərmişdi. Nagah birdən ildırım şaxıyıb bulud dəhşətlə guruldadı və yağış ətri əvəzində havadan qan qoxusu gəlməyə başladı. Bildilər ki, bərk bir qan yağışı yağıb, hər yeri qan seli basacaqdır. Ona görə tez buludları dağıdıb, məni çıxartdılar. Ş i r i - X u r ş i d – Daha bir də batmazsanmı? H i l a l – Sənin bir də çıxmayacağını bildiyim kimi, özümün də bir də batmayacağımı aşkar bilirəm. İran şahı istəyir ki, tazədən tac qoysun, çünki əvvəlki “ko” olmayıbdır. Ona məsləhət görürlər ki, ikinci dəfə tac qoyduqda adını dəyişib, “Mamedali” qoysun. Çünki daha bu biabırçılıqdan sonra “Məmmədəli” adı ona yaraşmır... Daha doğrusu, onun üzü bu ada yaraşmır. * * * Tazə lüğətdən Məşrutə – (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa, dinməz-söyləməz gətirsin qoysun yerinə. Məşrutə – (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar. Məşrutə – (rusca) yəni şurum-burum. * * * Vəzirlər proqramı Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir. Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır. Binaəleyh vəzirlər proqramı bildirir ki, müvəqqəti qanunlar tərtib olunacaqdır. Söz yoxdur ki, sonra vəzirlər heyəti müvəqqəti qanunsazlıq vəzifəsini məclisə həvalə edib özü isə doğrudan doğru olan icraat vəzifələrinə mübaşir olacaqlar. Müstəbid dövlətlərdə olduğu üzrə Osmanlıda dəxi vergi və alacaq işlərinin böyük nizamsızlıq və ədalətsizlik ilə icra olunduğu məlum idi. Köhnə üsul üzrə icra olunan vergi işlərindən dövlət xəzinəsi bir o qədər qazanmırdı, nə qədər ki, məmurlar qazanırdılar, binəva əhali isə, vergi ağırlığı altında əzilib, qüvvətdən düşürdü. İştə vəzirlər proqramı vergi üsulinin islahini vəd edib də ədalət ilə yığılacağını və bütün məmləkətdə maliyyatın tərəqqisinə qeyrət ediləcəyini bildirir. Artıq şayani təqdir və təhsin burasıdır ki, xəstəlik mikrobları kimi əhalinin canına daraşmış bir çox müftəxor məmurlar əzl edilib və lazım olan məmurların maaşı və məvacibi müntəzəm surətdə verilib də bu surətlə idareyi-mülkiyyə islah olunacaqdır. Hər bir əmrdə iqtisadə riayət olunacağını və idareyi-əskəriyyədə dəxi israfdan çəkiniləcəyini işarə edib də vəzirlər proqramı orasına diqqət yetirir ki, dövlətin qoşun və flotunun tənzim və təqviyyəsi üçün lazım olan səy və qeyrət müzayiqə edilməyəcəkdir. Osmanlı düvəlimüəzzəmədən sayılır. O surətdə düvəli-müəzzəmənin hər biri malik olduğu bəri və bəhri qüvvət Osmanlıda da olmalıdır. Bu gün menşikovların və çörçillərin: “Almaniyaya hörmət lazımdır” – deyə bağırmaları Almaniyanın son dərəcə müntəzəm quru və su qüvvəsinə malik olmağı sayəsindən irəli gəldiyini Osmanlı vəzirlər heyəti bilir. Proqramda işarə olunan vətənpərvərlik hissi də vəzirlər heyətinin ağzından çıxan sözlər olduğuna alqışlar edib də, bizlərdə “hazır ol cəngə, əgər istərsən sülh və səlah” və Avropada “müsəlləh sülh” adlanan, iqtizayi-zəmanəyə görə söylənən sözləri xatirimizə gətiririk. Nəşr və tözii maarif içində vəzirlər heyəti xidmətlərdə bulunacağını proqramda göstərir. Osmanlı məmləkətində hər dürlü məktəblərin istibdad zəmanında dəxi kafi dərəcədə olduğunu iqrar edənlər var idi. Lakin o məktəblərdə də istibdad hökm-fərma olduğuna görə həqiqi maarifə xidmət görünmürdü. İndi isə haman məktəblərin Avropa üsulu üzrə təchiz və tənzim ediləcəyi qətiyyən ümid olunur. Proqram deyir ki, sair dövlətlər ilə Osmanlı dövləti münasibəti sülhükaranadə olmağa səy edib də öz şən və heysiyyətini əbqayə çalışacaqdır. Osmanlıda osmanlıların özləri məhrum olan bəzi hüquqa əcnəbi təbələrinin malik olduğu məlum idi. Proqramda işarə olur ki, dövlətlərin razılığı ilə bu müstəsna hüquqlar ləğv ediləcəkdir. Ən axırda proqramda deyilir ki, məmləkətin idarəsi hər bir halda qanuni əsasini iqtiza edən islahat hər yerdə icra olunacaqdır. Sultan həzrətlərinin amal və arzusu layiq surətdə təqdir və arai-ümumiyyə tərəfindən təqviyyə olunacağını vəzirlər ümid edir. Bizə məlum olduğu üzrə sultan həzrətlərinin amal və arzusu – öz dili ilə bir cəm qəfir və bütün diplomatiya korpusu hüzurunda deyildiyi kimi – təbəsinin səadət və rəfahətidir. * * * Ordan-burdan 8 “İran xəzinəsində pul yoxdur” – qəzetələrdən Əmir Bahadır Cəng qapıları bir-birinə vurub çıxdı və başladı söyləməyə: – Bəli, gedək pul dilənək!.. Qəribə işdir bu, vallah, İranın rəiyyəti də dilənsin, vəziri də!.. Amma... zərər yoxdur, mənə də “Süpəhsalarikülli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəng” deyərlər ki, bu saat mənim adım dünyanın hər tərəfində söylənir! Özünə bu cürə təsəlli verib, Əmir Bahadır bir qapını döydü. Səs gəldi ki, kimsən? Cavab verdi ki, “Süpəhsalari-külli-qoşuni İran, vəziri hərb Əmiri Bahadırı Cəngəm!”. Qapı açılıb daxil oldu... – Barı, heç olmasa, yarımca milyon versəniz, bizim işimizi düzəldərsiniz. Haman pul ilə biz İranı sakit edərik və siz də gəlib əvvəlki kimi İranda alış-veriş edib, onqat mənfəət qazanarsınız. – Bəs girov nə qoymaq istəyirsiniz? – Girov?.. Nə girov?.. – Haman o girov ki, şah rus bankına qoyub bir az pul götürdü. – Çox gözəl!.. Papağımı girov qoyaram! – Xan, sizin papağınızın qiyməti, ha özünü öldürə, 15 manatdan yuxarı olmaz, halbuki yarım milyon pul istəyirsiniz! – Xeyr!.. Siz məni başa düşmədiniz. Papaqdan məqsud mənim bu başımdakı papaq deyil, bəlkə mən “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri-Bahadırı Cəngin” namusudur. Yəni əgər sizin pulunuz geri verilməsə, onda mən gərək binamus olam və bu papaq ki, bu saat başımdadır, çıxardam və başı açıq gəzəm. Hərçəndi sizdə başı açıq gəzmək ayıb deyil, amma böyük binamusluqdur. – Yox xan, biz o sövdaya girişə bilmərik! – Yaxşı, “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri bahadırı Cəng” sizdən pul istəyir, siz də vermirsiniz? – Yox, verə bilmərik. – Yaxşı İran padşahı ki, ona Zillillah və Şahənşah Məmaliki Məhruseyi İran deyirlər, o, “Süpəhsalari-külli-qoşuni İran, vəziri-hərb Əmiri Bahadırı Cəngini” göndərib sizdən yarımca milyon pul istəyir, vermirsiniz?! – Yox, vermirik. – Di bunda bari bir qədər cib xərcliyi verin... Məsələn, 300 min! – Olmaz xan! – İki yüz min! – Olmaz! – Yüz min! – Olmaz! – Əşi, zərafət eləmə! – Yox, bizərafət, olmaz! – Bir əlini cibinə sal, gör nəyin var? – Cibim yanımda deyil... –!!?... – Verdilərmi? – Bəli verdilər... Bir qəpik də vermədilər. – Bəs nə tövr olsun? – Nə tövr olacaq? Sən də, mən də yığaq görək qızıldan-mızıldan nəyimiz var aparaq tökək bu kafirlərin qabağına, soxsunlar gözlərinə, pul versinlər! Ayrı əlac yoxdur. Müxtəlif fikirlər – Görəsən bu sərbazın əlində tüfəng qapının ağzında durub bizi gözləməkdən məqsədi nədir? Yoxsa bizi pişiklərdən qorumaq istəyir? İran xəzinəsində sakin olan siçanlar – Əşi, əvvəllər hardan olsa, yenə İran qərib-qürəbasının ciblərini iyləyib bir şey tapırdıq, amma indi... həpçixi! Yəni bir az səbr elə. Əmir Bahadır Cəngin burnu. – Gəldim İrana, Qoydum virana. Lyaxovun gordası – Dedilər ki, bu gecə Səttarxan hücum edəcəkdir. Sabahadək subaşına getməkdən yoruldum. Mir Haşımın aftafası – Bir zaman var idi ki, istəyirdim tac alam, amma qorxurdum ki, başımı əzib beynimi çıxarda. Zillisultanın palazı – O qədər həram yedik ki, axırda ishal azarına düşdük. Osmanlı sabiq vəzirlərinin cibləri * * * Tənqidat “İkinci il” Bu günlərdə çapdan tazə çıxmış “İkinci il” adlı dərs kitabı idarəmizə yetişdi. Biz bu kitaba çapdan qabaq dəxi aşna idik. Çünki keçənlərdə, müsəlman məktəbləri üçün təlim və tədris kitabları seçmək məqsədilə Bakı məkatib naziri Şəmsəddinov cənablarının təhti-sədarəti ilə Bakı müəllimləri bir neçə şuralar qurmuşlar, burada mövcud, mətbu və qeyri-mətbu kitablar məclisdən seçilmiş xüsusi komisyonların ətraflıca tənqidi sonunda məclisi ümuminin qərarı ilə qəbul və ya rədd olunurdu. Haman kitablardan biri də bu “İkinci il” idi. Komisyon üzvlərindən biri də biz idik. İştə o surət ilə biz haman kitabı hələ çap edilməmişkən tənqid edib, bu kitabın bəzi cüzi nöqsanları təkmil edilən surətdə, – bütün mövcud mətbu kitablara tərcih ediləcək dərəcə gözəl tərtib olduğunu məclisə ərz etdik, məclis bizim ərzimizi qəbul edib, bu kitabın təbindən sonra məktəblərdə qullanmasına qərar verdi. İştə haman kitab, komisyon göstərdiyi nöqsanların təkmili ilə çap edilib satılmaqdadır. Bütün müəllim arkadaşlarımızı bu kitab ilə aşina etmək üçün onun haqqında bir neçə söz yazmağı lazım bildik. “İkinci il” məkatibi, ibtidaiyənin ikinci şöbəsində və məkatibiedadiyyənin ibtidai siniflərində oxumaq üçün tərtib edilibdir. Bu kitabın sair mövcud kitablara tərcih və təfəvüqünü aşikar və aydın göstərmək üçün mövcud kitabların nöqsanlarını bir-bir tedad və tezkar etmək lazım idi. Lakin qəzetəmizin həcmi buna müsaid olmadığından yalnız burasını ixtar edəlim ki, “İkinci il”in aşağıda göstərdiyimiz mükəmməliyyəsi mövcud dərs kitablarının heç birində yoxdur. Pedaqoqların məlumu olduğu üzrə hər bir dərs kitabında, havi olduğu dərslərin müəyyən bir üsul ilə bir-birinin ardınca düzəlməsi iqtizaati pedaqojiyyədən biridir. O üsul isə müxtəlifdir. Lakin hamısından yaxşısı məşhur pedaqoq Uşinski qəbul və təklif etdiyi üsuldur ki, buna “Dərslərin üsuli-təbii üzrə düzəlməsi” demək olar. Bu üsul, uşağın təvəllüdündən sonra öz mühitini nə yol ilə tanımağa başladığını təqlid edər kimi bir üsuldur ki, bu səbəbdən də ona “təbii” sifəti vermək caiz görünür. Uşaq təvəllüdündən sonra əvvəlcə ən yaxın şeyləri, yəni ev-eşiyi, həyəti və bunlarda olan məxluqatı tanımağa başlayır, sonra bilik dairəsi getdikcə tovsi edilməyə başlayır. İşdə Uşinski kimi pedaqoqlar da lazım bilmişlər ki, uşağın təlim və tədrisi də haman “yaxından uzağa” və “məlumdan qeyri-məluma” getmək üsulu ilə olsun və özləri tərtib etdikləri kitablarda da dərslər bu üsul ilə düzəlmişdir. “İkinci il”in müəllifləri də bu üsulu tamamilə qəbul edib, dərsləri o üsuli təbii üzrə düzmüşlər, odur ki, birinci dərsləri məktəb və məktəb şeylərinə dair olub və sonra evə, külfətə, ev heyvanlarına, quşlarına, həyətə, sonra bağa, bostana və ondan sonra meşəyə və çöl heyvanlarına, sonra cücülərə, sürünən heyvanlara dairdir. Axırda dörd fəslin tərifi, bu fəsillərdə görülən işlər və s. sonra yazı dərsləri və sonunda lüğətdir. Söz yoxdur ki, yuxarıda zikr olunmuş şeylər quru bir tedad və təzkardan ibarət olmayıb, bəlkə gözəl söhbətlər və hekayələr şəklində yazılıb. Hər hekayənin axırında da orada zikr edilmiş şeylərin adları tedad olunubdur. Unutmayalım ki, hər bir dərs, yazıb-oxumağı öyrətməkdən başqa, bir də uşaqların tərbiyəsinə xidmət etməlidir. Tərbiyəedici dərs isə heç bir vaxt quru öyüd-nəsihətdən ibarət olmamalıdır. Bəlkə, elə bir keyfiyyət halında yazılmalıdır ki, uşaq özü o keyfiyyətdən nəyin yaxşı və nəyin pis olduğunu anlasın. “İkinci il”də olan dərslər də tamamilə bu qaydaya riayət olunmuşdur. Xüsusiyyətə gəldikdə, “İkinci il” tərbiyə işlərində uşaqların həm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək dərslər intixab etmişdir. Məsələn, hekayələr vardır ki, uşaqlarda riqqəti-qəlb, sədaqət, məhəbbət və bu kimi hisslərin tərbiyəsinə xidmət edir. Məsələn, yoldaşlıq, pinti uşaq, növbətlə məktəbə getmək və s. Bəzi hekayə və söhbətlər var ki, uşaqların biliyini artırıb, ağlını tərbiyə edir. Məsələn, kitab, kağız və s. Və bəzi hekayələr var ki, uşaqlarda gözəl zövq və rus təbiri ilə (vkus) tərbiyə edir ki, burasına indiyə qədər diqqət yetirən bir müəllif olmayıbdır. Məsələn, “Bizim ev” hekayəsi gözəl bir evin nümunəvi timsalını göstərir, planı dəxi çəkilmişdir. Kitabın dilinə gəlincə, demək olar ki, rus və ya farsdan götürülmüş üsuli ifadə və ifadeyi kəlamdan tamamilə azad olub da, sırf türk dilinə məxsus qayda ilə yazılmış kitab yalnız həmin bu “İkinci il”dir. Halbuki mövcud kitablar bir çox yerlərində türk dilini xarab edib, uşaqları və müəllimləri darıxdırdığı məlumdur. Yazısına gəlincə, o dəxi böyük bir tədbir və təhsinə layiq surətdə yazılıb, çox asanlıqla oxunur. Çünki kəlmə nasıl tələffüz olunursa, elə də yazılıbdır və çünki tələffüz, türk dilinə məxsus bir qaydaya görə olmalıdır, ona görə haman qayda da tamamilə saxlanıbdır və bununla qələt tələffüzümüz də təshih olunubdur. O qayda isə Osmanlı üdəbalərindən Nəcib Asim bəyin bu sözləri ilə bəyan edilibdir ki, həmin sözlər “İkinci il”in üst yarpağında bir təraz (deviz) şəklində yazılmışdır. “Türkcədə gözəl bir hal vardır ki, haman heç bir lisanda bulunmaz. O da lisanda bulunan ahəngdir. Yəni türkcədə bir kəlmənin ilk hecası nasıl bir səs ilə başlarsa, ondan sonra gələn hecalar da ona uyğun olur. Məsələn, ilk hecanın səsi incə isə, ortakıların da səsi incə, qalın isə, qalın olur”. Kəlmələri çocuqlar dürüst və asanlıqla oxumaq üçün “İkinci il”in müəllifləri bir də bəzi türk kəlmələrində zəbər əvəzinə “ə” və zir əvəzinə “i” yazmağı lazım görübdürlər. Məsələn, “gözəl”, “öyrənəcək”, “bir”, “sənin”, “ortasında” və s. Söz yoxdur ki, bu cürə yazı tez və asan oxunar, lakin, bütün kitabda çox az təsadüf olunan ərəb və fars kəlmələri təğyir edilməmişdir. Bu kitabda bir çox türk kəlmələri idxal olunubdur ki, o kəlmələr məətəəssüf unudulub ərəbcə və ya farsca ilə əvəz edilməkdədir. Məsələn, kirvə, hənək, qaksımaq və s. Kitab müsəvvərdir. Şəkilləri çox aydındır və şayani diqqət burasıdır ki, bir çox şəkilləri əsil Qafqaz kəndli məişətini təsvir edir ki, o biri kitablarda bu yoxdur. Kitabın əvvəlinci hissəsi böyük və ikinci hissəsi də bir qədər xırda, lakin çox aydın hüruf ilə düzülübdür. Axırda kitabda təsadüf edilən çətin əcnəbi və ya türk sözlərinin lüğəti vardır. Biz bu kitabı məktəblərimiz üçün təkid ilə tövsiyə edib, ümidvarıq ki, müəllim arkadaşlarınız bununla tez istifadəyə çalışarlar. Çünki bu cürə kitab bizim bu halımızda göydəndüşmə bir şeydir. * * * Ordan-burdan 9 Xəbər çıxdı ki, Osmanlıda qanuni əsasi verildi. Əlbəttə, heç kəs inanmadı. Tanışlarımdan birisi deyir ki, “Tərəqqi”ni alıb, gördüm ki, başdan “Osmanlıda qanuni əsasi” yazılıbdır. Deyir: mən heç oxumadım. Elə bildim ki, bu ünvanda bir kitab elanıdır. Amma sonra gördüm, xeyr, kitab elanı deyilmiş, bəlkə əsli qanunı əsasi elani idi. Bu xəbər Osmanlının düşmənlərinə artıq təsir etmədi. Onlar güldülər və özlərini arxayın etdilər ki, bu bir boş sözdür ki, bu gün yazıb, sabah deyəcəklər ki, balam, yalan imiş, elə şey yoxdur. Sabah oldu, yalan olmadı, bürsügün oldu, yalan olmadı. Bəlkə getdikcə bu xəbər doğrulaşıb hamını inandırmağa başladı. Osmanlı düşmənləri bir qədər bikef oldular, sonra ümid elədilər ki, yəqin bu qanuni əsasidən sonra necə ki, qaydadır qırğınlar-filanlar başlar. Yevropada bir bəhanə tapıb Osmanlının içinə girib, beş-altı qapaz vurar və deyər ki, siz nəsiniz, qanuni əsasi nədir? Düşmənlər gördülər ki, qırğın da olmadı. Təəccüb elədilər ki, aya bəs bunların xuliqanları, qara dəstələri, qırğın həvəskarlıları yoxdurmu? Gördülər ki, yoxdur. Çox bikef oldular. Hətta istədilər ki, bir dəstə xuliqan tərtib edib göndərsinlər! Amma baxdılar ki, ondan da kar olmayacaqdır. Dedilər: görək qoşun nə qayıracaq. Güman elədilər ki, qoşun qanuni əsasini qəbul etməyib camaatı gülləbaran edəcəkdir. Bir də gördülər ki, Qurana and içdi ki, qanuni əsasini mühafizə etsinlər! Zabitlər, jandarmalar qanuni əsasi haqqında nitqlər söyləməyə başladılar... Düşmənlər lap bikef oldular və bu iş onlara çox giran gəldi, dedilər: – Bir görün, dünən can verirdi, bu gün hamıdan səlamət oldu. Bari bir qədər qan da tökülmədi ki, yenə bizim üçün bir təskinlik olaydı. Və başladılar ağlamağa. Bunların səsinə o qədər adam gəldi. Təəccüb elədi, dedi: – Nə üçün ağlayırsınız? Dedilər ki, Osmanlıda qanuni əsasi olubdur. Buna lap təəccüb edib dedi ki, canım, siz gərək sevinəsiniz ki, Osmanlıda qanun əsasi olmuşdur. Dedilər ki, nə üçün? Dedi ki, Bəs siz həmişə deyirsiniz ki, qanuni əsasi məmləkəti xarab edər, milləti məhv edər! Dedilər ki, ey binəva! Bər əks, qanuni əsasi milləti dirildər, əzəmətə mindirər. Dedi ki, bəs yaxşı, siz ki, özünüzə vətənpərəst deyirsiniz, bəs nə üçün qoymursunuz ki, öz vətəninizdə də qanuni əsasi olub, millət dirilə və əzəmətə minə?! Onlar buna bir söz demədilər, ancaq başlarını aşağı salıb daha bərk ağlamağa başladılar. Çünki bir tərəfdən də yalanları aşkar oldu. * * * Ordan-burdan 10 İran ixtişaşına dair Əmir Bahadırı-Cəng və Şeyx Fəzlullah. Şah pəncərənin qabağında oturub fikir edirdi və bığını bururdu. Əmir Bahadırı-Cəng də aşağıda əyləşmişdi. Bu haman o zaman idi ki, məclisin dağılmağına və cahangirxanların, mələkəlmütəkəlimeynlərin də boğulmağına bir-iki gün qalmışdı. Şah soruşdu: – Bəs nə tövr edək ki, istibdadı saxlayaq? Əmir Bahadırı-Cəng cavab verdi: – Müctəhidləri görmək lazımdır. Şah yenə soruşdu: – Müctəhidlər nə qayıra bilərlər? Əmir cavab verdi: – Hərgah müctəhidlər bir dəfə desələr ki, məşrutə şəriətə görə haramdır, bütün İran məşrutədən əl çəkər. Şah dedi: – Bəs nə tör müctəhidləri bu işə vadar etmək olar? Bu halda Əmir Bahadır-Cəng “Faust” operasından Mefestofelin, yəni İblisin bu sözlərini oxudu: “Dünyada bütün bəni növi bəşər Müqəddəs büt olan pul üçün əlləşər”. Şah qandı ki, vəzir nəyə işarə edir və tez onun cibini qızıl ilə doldurub, dedi ki, di durma tez ol! Əmir Bahadır-Cəng qızılları cibinə doldurub otaqdan çıxdı və düz Şeyx Fəzlullahın yanına getdi. Tehran müctəhidi Şeyx Fəzlullah fisincanplovu yeyib və çayını içib qəlyan çəkməyə məşğul idi. Xəbər verdilər ki, Əmir Bahadır-Cəng onun görüşünə gəlibdir. Müctəhid ayağa durdu və dedi ki, buyursun. Əmir Bahadır-Cəng içəri daxil oldu, əvvəlcə salamlaşıb, sonra bir qədər durdular. Sonra şeyx oturmağı təklif etdi. Əmir Bahadır oturdu. Şeyx onu gözləyib özü də oturdu. Bu surətdə Əmir Bahadır təzim üçün yerindən qalxdı, sonra oturdu. O halda şeyx də təzim üçün bir qədər durdu, sonra oturdu. İndi Əmir Bahadır durdu, sonra oturdu. Ona müqabil şeyx durdu, sonra oturdu. Qərəz, bunlar tərəzının gözləri kimi biri qalxır, biri enir, axırda müsavi oldular. Əmir soruşdu: – Ağanın əhvalı necədir? Şeyx baş əyib ərəbcə beş altı söz söylədi və o da Əmirin əhvalını soruşdu. Əmir cavab verdi ki, lillahil həmd, yaxşıyam, ancaq dövlətin dərdi, mənim canımı bərk sıxır. Camaat şahı tovlayıb hökuməti əlinə alıbdır. Şah da gendən baxa-baxa qalıbdır. Şeyx başa düşmədi ki, Əmir və deyir. Amma yenə ona bir cavab vermək üçün söylədi ki, bəli, madam ki, insan anadan təvəllüd elədi, onun başı olar şah və qalan əzaları da rəiyyət. Məgərinki gözlər və ruh, yəni gözlər olar vəzir, ruh isə ruhanilərdən ibarətdir və ərəbcə bir neçə söz söylədi. Əmir soruşdu ki, ağa, siz ki, bütün aləmi islamın böyüyü, rəisi ruhanisisiniz və bütün aləmi islam, istər Hindistanda olsun, istər Əfqanıstanda olsun, sizin sözlərinizə gərək müti olsunlar (bu yerdə şeyx əlini saqqalına aparıb bir dəfə seyqəl çəkdi). Aya siz məşrutəyə nə nəzərlə baxırsınız? Şeyx əmr etdi ki, çay gətirsinlər və qəlyanı tazalasınlar. Ondan sonra üzünü Əmirə tutub dedi: – Məşrutə əsli ərəb sözüdür. Özü də məful babindən gəlir. Məsələn şərətə, şərətu, şərətunə və hüvə, şaritunə, vələm məşrutunə! Zəmani ki, bir məmləkətdə məşrutə elan olundu, haman saət o yerin adamları bir məclisdə təcəmmö edərlər və təcəmmöün də bir neçə qaydası vardır ki, əvvəl ruhanilər, bəd əyan, sonra büzürgan və biləxərə tüccarlar cərgə-cərgə düzülüb dövlət işlərindən söhbət edərlər və çox gözəl sözlər danışarlar və deyərlər ki, heç bir kafirin ixtiyarı yoxdur ki, bila məşrutə İran torpağında bir işə iqdam etsin. Əmir Cəng yenə soruşdu: – Aya məşrutə dini islamə müqayirdir, ya nə? Şeyx cavab verdi: – Xeyr, müqayir dəyildir. Əmir Bahadır başını aşağı saldı və əlini cibinə uzadıb, dedi: – Aya padşah əmr versə ki, məşrutə olmasın, o surətdə ona nə deyərlər? Şeyx cavab verdi: – O surətdə şah xilafi şəriət iş görmüş olar. Əmir Bahadır şeyxin üzünə baxıb və dəsmal çıxartmaq bəhanəsilə cibində olan pulları çıxartdı... Zər və simin sədayi-mübarəki şeyxin cəmi müqəddəslərinə əks əndaz olan kimi üzü təğyir tapıb dedi: – Əmma! Əmir Bahadır ürəyində güldü və dedi: “Boş damarın əlimdədir lotu. İndi bu saat səni tərsinə danışdıracağam!”. Bərkdən dedi: – Buyurdunuz ki, “əmma”... – və yaxşı oturmaq bəhanəsilə qurcalanıb ciblərini tərpətdi, qızılın səsi aşkar eşidildi. Şeyx dedi: – Bəli, əmma... əmma! Bir də məsləhət var! Məsələn, əgər biz baxaq görək ki, şah istəyir məşrutə olmasın, o surətdə bir məsləhət qurmaq lazımdır. Əmir Bahadır-Cəng tez əlini cibinə salıb dedi: – Şah sizə bir balaca hədiyyə göndərmişdir. İndi yadıma düşdü! – Və əlini cibinə salıb qızılları ortaya çıxartdı. ...On dəqiqədən sonra Şeyx Fəzlullah Əmir Bahadırı yola salıb belə deyir: – Məşrutə də var, məşrutə də var. Məsələn, o məşrutə ki, bu saat kafirlər qurublar, bizim üçün qətiyyən haramdır. Ona binaən, həmin məclis ki, kafirlərin məşrutəsinə təqliddir, biz müsəlmanlardan ötrü it əti kimi haramdır! Əmir Bahadır arxayın olub çıxdı. Və gəlib şahı dəxi arxayın etdi. Sabahı günü Tehranda top səsi eşidilirdi. * * * Ordan-burdan 11 Allah heç kəsə göstərməsin! Elə ki birisinin əcəli tamam olur, həkim-filan əl çəkir, əcəli tamam olan başlayır ölməyə. Sən də bikef oturub tamaşa edirsən. Bundan başqa əlindən bir şey gəlmir. Vaysınırsan, heyiflənirsən, darıxırsan, ağlayırsan, lakin bunlardan başqa əlindən bir şey gəlmir. Ölənin gözləri dolanır, bir şey gəzir, guya bir nicat axtarır, kömək gözləyir... Sən o nəzəri görürsən, onu anlayırsan. Lakin gücsüzsən, tamaşa eləməkdən başqa əlindən bir şey gəlməz. Gözünün qabağında yekə adam ölür, ondan sonra sən də başına vurub ağlayırsan ki, bu nə üçün öldü. Bir neçə gün bundan irəli az qalmışdı ki, haman əhvalat bizim də başımıza gəlsin. Ancaq bizdə ölən, adam deyildi – qəzetimizdi. Biz inanmışdıq ki, “Tərəqqi”nin əcəli yetib öləcəkdir. Ona binaən tamaşa eləyirdik. Bazarda, küçədə, dost-aşna bizi görüb soruşurdu ki, bəs nə vaxt başsağlığı verməyə gələk? Təsəlli verənlər də olurdu. Amma biz təsəlliyab ola bilmirdik. Bəzi vaxt hamımız da bir yerə cəm olub, başımızı aşağı salırdıq və fikrə gedirdik. Sonra bir-birimizin üzünə baxırdıq, naümidlik nişanəsindən başqa bir şey görmürdük və deyirdik: – Heyf! Sonra müdirimiz deyirdi: – Bizim cəmi müsibətlərimizə başlıca səbəb odur ki, camaatımızda idarə yoxdur. Müsəhihimiz bu sözə razı olub, əlavə edirdi ki, müsəlman çamaatını bir də təshih etmək lazımdır. Mütərcimimiz deyirdi ki, bəli, ancaq hamısından yaxşı o olardı ki, camaatımızı götürüb bir özgə millətə tərcümə edəydik. Mürəttiblər də deyirdilər ki, bunlardan başqa bir də müsəlman camaatını tərtibə salmaq lazımdır. Maşinist and içirdi ki, müsəlman camaatını heç bir şey ilə düzəltmək olmaz, məgərinki, bir maşın ola ki, bəlkə onunla bunları düzəldib, yola salmaq ola. Storoj əlavə edirdi ki, bu şərtlə ki, zir-zibil aradan süpürülə. Sonra hamımız birdən deyirdik: – İndi dərd burasıdır ki, bunların da hamısını qəzetə ilə əmələ gətirmək mümkündür. Halbuki, qəzetəmiz də haləti nəzidədir, – deyib, fikrə gedirdik, sonra durub deyirdik ki, görək ayın dördündə nə olacaqdır? Ayın dördü gəldi. Biz yas saxlamağa hazırlaşırdıq ki, birdən müdirimiz gəlib dedi: – Muştuluğumu verin! Bir təbibi haziq gəlib deyir ki, mən qəzetəni sağaldaram. Söz yoxdur ki, biz çox sevindik və bildik ki, qəzetəmizin əcəli tamam dəyilmiş. * * * Ordan-burdan 12 Xolera və rəmazanəl-mübarək Məşhur məsəldir ki, deyərlər öz gözündə tiri görməyib, özgə gözündə qıl seçir. Əvvəllərdə Peterburq xalqı eşidirdilər ki, bəli İranda xolera naxoşluğu əmələ gəlibdir, əhali milçək kimi qırılır və başladılar söylənməyə ki, İran vəhşi bir yerdir, əhalisi cahil, təmizlik bilməzlər. Yalandan təharət, izaleyi-nəcasət, dəstəmaz və qüsuldan dəm vurub heç bilməzlər ki, təmiz nədir, murdar nədir. Hifzi səhiyyədən də xəbərləri yoxdur. Amma bu gün məlum oldu ki, Peterburq xalqının özü də hifzi səhhədən bixəbər imiş və təmizlik ilə murdarlığa da artıq məhəl qoyan yoxmuş... Ancaq iranlı qardaşlar belə güman eləməsinlər ki, mən İran şəhərlərini Peterburqdan təmiz hesab edirəm, xeyr, onda gərək “Molla Nəsrəddin”in müxbiri Mozalan bəyin sözlərinə və “Səyahətnameyi İbrahim bəy” kitabına mənim qailliyim olmaya. Və bunu da deyim ki, əgər Allah eləməmiş, Peterburq xolerası İrana sirayət etsə, onda Məmmədəli şah məclisi dağıdan kimi, xolera da bütün İranı dağıdar. Xolera bir elə şeydir ki, onun qabağını qoçubazlıqla və toptüfənglə kəsmək olmaz. Krop topu, pulemyot, bomba, cəhənnəm maşını, beşatılan, mauzer, brauninq, naqan, ismitvesson, buldok, əfsərski, amerikanski – bunlar heç biri xolera basillərinə kar edə bilməz. Çünki elə bir iş mümkün olsaydı, əvvəl gərək Bakının taxtabitilərini, Qarabağın birələrini və Salyanın milçəklərini güllələyə idilər. Xolera basillərinin qabağına bircə “karastı” ilə çıxmaq olar ki, onun adına təmizlik deyərlər. Amma di gəl ki, o biri karastılar bizdə nə qədər çox olsa da, bu biri “karastı” bizlərdə çox azdır... Bir tərəfdən də orucluq gəlir. Tərs kimi bizlərdə də orucluğun mənası budur ki, yəni gündüz ac qal, amma gecə o qədər ye ki, lap “pəndam” ol. Halbuki orucluğun mənası bu deyil. Təmizlik “karastı”sının bir şərti də ehtiyatla yeməkdir. Amma mən bilirəm ki, ishal zamanı bu cürə söhbət olacaqdır: əşi, xolera nədir, iş əcəlnəndir, qorxma, vur içəri!. Doğrudur, qorxmayıb içəri vuracaqlar, lakin sonra... içəri vurulanları çölə çıxarmaq lazım gələcək və qurunun oduna yaş da yanacaqdır... Bəs nə tövr etməlidir? Cavab – xolera basili yeməməlidir, özgə bir çarə yoxdur. * * * Ordan-burdan 13 İrana dair – Kəlbəlayı Səfi, Allah kisəni boş eləməsin, əlini cibinə sal, beşon şahı da sən ver, Təbriz əhlinə göndərək. – Yaxşı, Təbriz əhlinə nə olub məyər? – Budur, iki aydır dava eləyirlər, adamları qırılır, arvad-uşaqları ac qalır... – Kimnən dava eləyirlər? – Şah qoşunu ilə! – Çox qələt eləyib, başlarını daşa döyürlər. Bir köpük də vermərəm. Məgər padcah ilə dava eləmək olar? * * * – Əşi, belə cəmi oxumuşların kökünə lənət! Bütün bu davanı salan onlar oldular. Yaxşıca əmin-amanlıqda dolanırdıq. Haram elədilər! Əgər mən uşağımı məktəbə və ya uçkullaya qoysam kafirəm. * * * – Adə, səni Allah yaradıbdır ki, bax bu tayı daluva alıb şəhərin bu başından götürüb, şəhərin o biri başına qoyasan, nəinki durub hökumət ilə dava edəsən! * * * Deyirlər ki, müsəlmanlar fanatikdirlər! Bəli, biz də indiyə qədər bunu təsdiq edirdik, çünki özümüz gözümüz ilə görürdük ki, məsələn, bir molladan əmr çıxır ki, bəli, qəzetə oxumaq haramdır, ya “Molla Nəsrəddin”i ələ alan kafirdir, haman dəm Şirvan ağsaqqalları, Qarabağ qarasaqqalları, Ordubad qırmızısaqqalları – qərəz, hamı bu əmrə müvafiq – qol qoyurdular ki, bəli filan şey haramdır və filan şey küfrdür, çünki ruhanidən belə əmr çıxıb. Biz də bunları görüb deyirdik ki, fanatikdirlər. Amma indi baxıb görürəm ki, əhvalat belə deyilmiş və arada dinpərəstlik-filan yoxumuş, çünki prixod mollası deyil, şəhər mollası deyil, qazı deyil, şeyxülislam deyil, yaxında olan müctəhidlər deyil, bəlkə Nəcəfül-Əşrəf müctəhidləri ki, onlardan böyük ruhani yoxdur – fitva verdilər ki, istibdada qulluq edənlər və istibdad tərəfdarı olanlar kafirdilər! Məşrutiyyətə kömək etmək hər bir müsəlmana vacibdir! Amma di gəl ki, bu fitva nə qırmızısaqqala əsər elədi, nə yaşılsaqqala. Bəlkə bu qulaqdan girib, o biri qulaqdan çıxdı. Bəs fanatiklik necə oldu? * * * Hə... görünür ki, iş bu cürədir. Qəzetəni haram bilib oxumamaq asandır, amma məşrutiyyətə kömək eləmək çətindir, çünki burada bir qədər candan və maldan keçmək lazımdır. Bəs belə olan surətdə biz də belə deyərik ki, müsəlmanlar dinpərəstdirlər, amma arada qarın ilə cib əhvalatı da vardır. Doğrudan da belədir. Bu adamlar ki deyirlər, filan axundun fərmayişinə görə urusu baş qoymaq haramdır – onların çoxusu dəlləkdir. Və o adamlar ki deyirlər, filan mollanın əmrinə görə çəkmə geymək haramdır, onların bir çoxusu başmaqçıdır. Və o adamlar ki deyirlər, filan üləmanın hökmünə görə urusu papaq qoymaq xilafi şəridir, onların da çoxusu papaqçıdır. Və o adamlar ki deyirlər, filan şəxsin rəvayətinə görə gödək paltar geymək küfrdür, onların da hamısı bəzzazdır! Qərəz din məsələsi indi olub cib məsələsi. O şey ki cibə nəfidir – həlaldır, o şey ki zərərdir – haramdır. Vəssəlam! * * * Ordan-burdan 14 Hesab məsələləri (Zadaçalar) 1 Bakı quberniyasında 6 min müsəlman öldürülübdür və hər bir müsəlmanın öldürülməsinə əqəllən 200 manat pul sərf olunubdur. Sual olunur ki, bunların hamısına neçə dana “Tərəqqi”yə müştəri yazdırmaq olardı? 2 Cəmi dünyada 100 minə qədər qəzetə verilir, 6 milyon Qafqaz müsəlmanlarının da bir dana qəzetəsi var. Əgər (xudanəkərdə) cəmi dünya Qafqaz kimi olsaydı, qəzetələrin sanı nə qədər azalardı? (cəmi dünyada bir milyard yarım nüfuz var). 3 İran məclisi il yarım davam etdi, bu müddət ərzində İran şahı 30 dəfə Qurana and içib sındırdı. Əgər İran məclisi beş il davam etsəydi, Məmmədəli şah neçə dəfə Qurana and içib sındırardı? 4 ................................... ................................... 5 Bir dana Lyaxovun köməyi ilə 50 min iranlı qırıldı. Bütün İranı qırdırmaq üçün neçə dana Lyaxov lazımdır? (İranda 10 milyon adam var). 6 Hər bir müsəlman şagirdi, sutkada 4 saat tərbiyə alıb 8 saat da yuxu yatır, qalan saatları tərbiyəsiz qalır. 35 yaşında bir müsəlman şagirdi neçə il tərbiyəsiz qalmış olur? 7 Hər 100 nəfər Bakı müsəlmanlarının 25 nəfəri qoçudur, Bakıda 70 min müsəlman var. O surətdə neçə dənə qoçumuz olur? 8 Bir müsəlman birisinin 150 manatlıq paltarını oğurlayıb bir neçə manata satdı. Paltar sahibi oğrunu görüb dedi: Satdığın paltardan aldığın pulu məndən istəseydin, məni bir də 142 manat üç abbası zərərə salmazdın. Müsəlman qardaş paltarı neçəyə satmışmış? * * * Təskinlik Bundan bir neçə gün qabaq yetişən teleqram ki, – Səttarxan Eynüddövlə tərəfindən mühasirə edilibdir – bizi və cəmi hürriyyətpərvərləri böyük bir əndişəyə salmışdır. Hər kəs “Aya görəsən nə olacaq?” – deyə kəmali iztirab ilə teleqram gözləyirdi. Lakin minlərcə şükürlər olsun ki, bu gün qəzetəmizdə dərc olunmuş Təbriz teleqramı əndişəmizi bir dərəcəyə qədər təskin etdi. Bəli, Eynüddövlə bir o qədər hədə-qorxu gəlmədən sonra şəhəri topa tutubdur. Və üç gün top atəşi davam edibdir. Lakin “Dövlətin gözünün” bu bombardmanı heç bir nəticə verməyibdir. İndi aşkardır ki, Eynüddövlənin (ayıb olmasın) qoşunundan ibarət nə imiş, hətta rus teleqraf agentəsi kəmali bədbini ilə deyir ki, Eynüddövlənin qoşunu vəhşi və qeyri-müntəzəm dəstələrdən əmələ gəlib, heç bir şeyə lazım deyil. Bir məsəl var deyərlər ki, “eşşəyə minmək bir ayıb, düşmək iki ayıb”. İştə Eynüddövlənin bu “hücum və bombardmanı” haman eşşəyə minib düşməkdən ibarət oldu. Bəli, amal və əfkar aliyə sahibləri əsnayi-mübarizədə böyük bir qüvvəti-mənəviyyəyə malik olurlar ki, o qüvvəti mənəviyyə onların cismani qüvvəsini ikiqat artıracaq dərəcə əhəmiyyətli və mənidardır. Bu gün Səttarxan ilə tərəfdarlarının halı buna şahiddir. Qoy indi Eynüddövlənin quldurları get-gedə artsın: heç bak yoxdur! Onlar yalnız quldurluqdan başqa bir şey bacarmazlar. Bu gunə müharibələr onların işi deyildir. Lakin burada bizi məyus edən o xəbərdir ki, Təbrizdə çörək yoxdur və ətraf əknafdan Təbrizə heç bir şey buraxmırlar. İştə bunun üçün bir tədbir və çarə bulmaq lazımdır. * * * Ordan-burdan 15 F ü z u l i: – Ah kim bir dəm fələk rəyimcə dövran etmədi! Ş a h: – Hər kəs ki göndərdim Təbrizi viran etmədi. F ü z u l i: – Nalədəndir ney kimi avazeyi-eşqim bülənd. Ş a h: – Zülmü tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. H a f i z: – Del mirəvəd zedəstəm, sahebdelan xodara! Tiflis moqufat müdiri: – Dərda ke, raze penhan (ki, moqufat pulunun başına daş salmışam) xahəd şöd aşkaram. Müxtəlif xəbərlər Qəzetə müxbirlərindən birisi Eynüddövlədən soruşubdur ki, bəs nə üçün bir bu qədər zamandır ki, Təbrizə hücum etmirsən. Eynüddövlə cavab veribdir ki, marıtdıyıb-marıtdıyıb birdən soxulacağam. * * * Bu saat Almaniyada sülh konfransı vaqe olmaqdadır. Yəni oraya yığılan adamlar istəyirlər ki, bir iş qayırsınlar ki, daha bir də dava olmasın! Görək... ancaq qorxuram ki, bu sülh konfransının axırı Bakının “Hidayət” məclisi kimi ola. * * * Ordan-burdan 16 Qanlılıq Danabaş kəndi – Teleqraf agentəsinə buradan çəkilən teleqrafa görə Kərbəlayı Hümmətəli ilə qonşusu Qoçbala kişi arasında soyuqluq vaqe olubdur. Qoçbalanın arvadı Məşədi Gülsüm xalanın sözlərinə görə bu soyuqluğun ümdə səbəbi çil toyuqdur. * * * Danabaş kəndi – Kərbəlayı Hümmətəli ilə Qoçbalakişinin arasında vaqe olan soyuqluğun səbəbi bütün təfsilatı ilə məlum olubdur. Əcnəbi qəzetələrin yazdığına görə Qoçbala kişinin günaşırı yumurtlayan çil toyuğu dünən gündüz saat üçdə çəpərdən aşıb Kərbəlayı Hümmətəligilin həyətinə giribdir. Kərbəlayı Hümmətəlinin balaca oğlu Həsənin keçən il Daşdibi kəndindən çolpa halında gətirmiş olduğu qızıl xoruz çəpərdən aşan çil toyuğu görüb üstünə hücum etdikdə məzkur toyuq geri qaçmağa yol tapmayıb, özünü Kərbəlayı Hümmətəligilin otağına təpibdir. Kərbəlayı Hümmətəlinin cəhrə əyirməyə məşğul olan arvadı kiş-kiş eləyib ayağa durduqda binəva toyuq çığıra-çığıra qapıdan çölə yügürür. Tərs kimi Kərbəlayı Hümmətəlinin özü bu halda qapıdan içəri daxil olur. Özünü itirmiş toyuq təkrar içəri təpilib taxçaya minir və orada olan çini boşqabı salıb sındırır. Şayiələrə görə Kərbəlayı Hümmətəli bu boşqabı öz əlilə şəhərdən 25 qəpik pula alıbmış. * * * Danabaş kəndi – Kərbəlayı Hümmətəlinin oğlu Həsən sınmış boşqabın əvəzini çıxmaq üçün Qoçbala kişigilin Alabaş adlı itinin vurub qıçını sındırıbdır. Nağıl edirlər ki, Qoçbala kişi bu iti bir oğlana dəyişməz imiş. * * * Danabaş kəndi – Qəzetələrin son nüsxələrinə görə Kərbəlayı Hümmətəligil ilə Qoçbala kişigilin arasında münasibəti-həmsayəgi qət olunubdur. Ona bina danışırlar ki, müharibə naçardır. Hər iki tərəf hazırlaşmaqdadır. * * * Bu gün yetişən agentə teleqrafına görə Qoçbala kişi, Kərbəlayı Hümmətəlinin oğlu Həsəni axtarırmış ki, o da vurub onun qıçını sındırsın. * * * Əcnəbi qəzetələri yazırlar ki, bu iki qonşu arasında naçar olan müharibəni dəf edib, araya sülh salmaq üçün Hacı Əmirqulu tərəfindən sərf olunan səy və Hümmətdən heç bir nəticə hasil olmadı. Bu gün-sabah müharibə başlanacaqdır. Dünən boşqabların sınıqlarını evdən bayıra süpürən əsnada Kərbəlayı Hümmətəlinin arvadı yanıqlı bir nitq söyləyib, toyuq yiyəsinin atasına söymüşdür. Qoçbala kişinin balaca qızı bu nitqi eşidib, haman dəm anasına və anası da axşam atasına xəbər veribdir. * * * Danabaş kəndi – Müharibə başlandı. Ən əvvəl Kərbəlayı Hümmətəlinin arvadı ilə Qoçbala kişinin arvadı arasında müsadimə vaqe olub, hər iki tərəf bir-birinə qarşı şiddətli bir söyüş atəşi açdılar. Bu atəş iki saat davam edib, bəd Qoçbala kişinin arvadı başı açıq olduğuna görə, artıq davam edə bilməyib, evə tərəf geri çəkilməyə məcbur oldu. Danabaş – Bu gün sübh tezdən yenə iki arvad arasında müsadimə vaqe oldu. Axşamçağı qəti müharibə gözlənilir. * * * Danabaş – Qoçbala kişi bu müharibədə iştirak edib, təcavüzə başladı. Balaca Həsən ilə anası onun hücumuna davam edə bilməyib, sürətlə geri çəkildilər. Qoçbalakişi hücuma davam edirdi. Onun fikri düşməni qəti müharibəyə məcbur etməkdir. * * * Danabaş – Bu gün səhər vaxtı Kərbəlayı Hümmətəlinin böyük oğlu Muxtar Kalafa kəndindən gəlib, haman dəm müharibəyə girişdi. Son dərəcə şiddətli bir müharibə oldu. Hər iki tərəf bütün qüvvətini meydana çəkmişdi. Tamam üç saat davam edən ağac davasından sonra hər iki tərəf xəncərə əl uzatdılar və Muxtar yaralandı. Lakin müharibə davam edirdi. * * * Danabaş – Saat üç tamamda, Qoçbala kişi əlində xəncər Muxtarın üstünə sürətli bir hücum qurduğu əsnada Muxtar güllə ilə vurub Qoçbala kişini öldürdü. Ona görə o tərəf basıldı. Şayiələrə görə polis müdaxiləsi gözlənilir. * * * Danabaş – Muxtar qaçıbdır, gözləndiyi üzrə polis müdaxilə edib, Kərbəlayı Hümmətəli tutuldu. Qoçbala kişinin qanını almaq vəzifəsi qardaşı Həsənqulunun boynuna düşür. * * * Danabaş – Bu gün alınan teleqraf xəbər verir ki, dünən gecə saat 9-da Muxtar çəpərlərin dibində güllə ilə öldürülübdür. Həsənqulu kənddən qaçdığına görə zənn edirlər ki, Muxtarı öldürən odur. Muxtarın qanını almaq vəzifəsi Muxtarın əmisi oğlu Səfiyarın boynunadır. * * * Danabaş – Kərbəlayı Hümmətəli ilə Qoçbala kişinin arasında müharibəyə səbəb olan çil toyuğu dünən gecə saat 2-də çaqqal aparıb yeyibdir. Bu xəbər bütün kənd əhlini təşvişə salıbdır. Toyuqların əminamanlığı tərəfindən böyük nigarançılıq vardır. Qərar qoyulub ki, gecələr itləri zəncirdən buraxıb açıq saxlasınlar. * * * Ordan-burdan 17 Eynüddövlə, yəni dövlətin gözü “Dövlətin gözü” Təbriz üstə gedib bir şey bacarmadı; ona binaən şah təkcə oturub fikir edirdi ki, bu səfər Təbriz üstə bir ayrı adam göndərib adını da Səmiiddövlə, yəni dövlətin qulağı qoysun. Çünki doğrudan da bəzi vaxt göz görə bilməyən işi qulaq çox yaxşı görür. Məsələn, deyib şah məsəl üstə fikir edirdi. Dəlallüddövlə içəri daxil olub dedi: – Padşah sağ olsun, ərzim var! Və bu əhvalatı nəql etdi ki, Bakı şəhərində olan iranlılar budur iki gündür ki, tətil edib, konsulxanaya yığılıblar və deyirlər ki, şah məclisi açır açsın – və illah açmasa tətilə davam edib, konsulxanadan çıxmayacağıq. Şah vahiməyə düşdü və barmağını yuxarı qaldırıb dedi: – Görünür ki, bunların bir xatası var! Dəlallüddövlə də şahın sözünə qüvvət verib dedi: – Mən də o cürə anlayıram. Görünür ki, bunların bir xatası var. Şah soruşdu ki: – Sən nədən elə anladın? Dəlallüddövlə cavab verdi: – Teleqramın zahirindən! Şah dedi: – Mən də teleqramın zahirindən. – Və sonra soruşdu: – Teleqramın zahiri nə tövrdir? O cavab verdi: – Şah sağ olsun, teleqramın zahiri çox məzəlidir. Məsələn, ya mənə bir tümən pul ver, ya budur ki, ağaca çıxacağam! Şah dedi: – Afərin, mənə də elə görünür. Amma batini qorxuludur. Dolallüddövlə yenə təsdiq etdi ki, batini qorxuludur. Şah soruşdu: – Bəs nə bilirsən ki, batini qorxuludur? O dedi: – Əgər Bakı iranlıları bu teleqramla yalnız bir protest göstərmək istəyirdilərsə, lap nahaq yerə zəhmət çəkirlər. Çünki onsuz da biz bilirik ki, məclisin açılmağının nəinki bir Bakı, bəlkə bütün Qafqazda olan iranlıların çoxuna xoş gəlmir və bu da bizdən ötrü birdir. Əgər xoşagəlməməkdən və quru protestdən qorxsaydıq, məclisi çoxdan açmışdıq. Ş a h – Amma biz qorxmadıq! O – Bəli! Ona görə də məclisi açmadıq. Ş a h – Bunu da hamı bilir. O – O cümlədən Bakı iranlıları da. Ş a h – Bəs? O – Bəs, deməli, bunların fikri protest deyil. Ş a h – Və illah xalqı güldürürlər! Eləmi? O – Əlbəttə! Bəs görünür ki, bunların fikri ayrı cürdür və necə ki buyurdunuz bunun yaman xatası var. Ş a h – Bizim də qoşunumuz yox. O – Olsa da, yığmaq üçün pul yox! Ş a h – Pul tapmaq üçün də etibar yox! O – Etibar qazanmağa da üzümüz yox! Ş a h – Eynüddövlə, boynunu yerə soxduğum da, bişüur çıxdı! Xub, sən de görüm nədən anlayırsan ki, bu teleqram qorxuludur. O – Şah sağ olsun, mən bu teleqramın batini məzmununu belə anlayıram: “Biz tətil etdik”, – yəni o günü qazandığımız puldan əl çəkib cibimizə qoymadıq, bəlkə bir ayrı yerə qoyduq ki, sonra onu... Səttarxana göndərək! Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda neçə min iranlı var!? Ş a h – Afərin, mən də o cürə qanmışam! Bəs konsulxanaya yığılmaq nədir? O – Şah sağ olsun, “konsulxanaya yığılmaq”, yəni deyirlər ki, hamımız cəm olub, Təbrizə getmək istəyirik ki, Səttarxana kömək edək. Şah sağ olsun, heç bilirsinizmi ki, Bakıda nə qədər iranlı var? Ş a h – Doğrudur! Bəs bunların xatası var! Aya görək nə etməli? O – Şah sağ olsun, o biri vəzirləri də, Əmir Cəngi də çağıraq, görək nə deyirlər! Hamını çağırdılar, şura quruldu. Şah əhvalatı onlara elan etdi. Vəzirlər bu xəbəri eşidib bikef oldular və dedilər: – Xəbər gətirən evin yıxılsın! Şah dedi: – Ya bir əlac tapın, ya da ki, məclisi açıram. Əmir Cəng qorxub, dedi ki, şah sağ olsun, bir qədər səbrini bas, hövsələ elə, görək nə əlac var? Və əmr verdi Lyaxov da gəlsin görək, o yenə bu cürə işlərə yaxşı bələddir. Lyaxov gəldi. Şah dedi ki, Bakı iranlıları teleqraf vurub məclisin açılmağını tələb edirlər. Əgər məclis açılmasa, onlar neçə gün “tətil” edib, yəni o günləri qazandıqları pulları yığıb Səttarxana göndərəcəklər. Özləri də ona köməyə gedəcəklər. Lyaxov başını buladı və dedi: – İşlər xarabdır, – və dinmədi. Heç kəs danışmadı. Bir neçə dəqiqə xamuşluq oldu. Sonra Lyaxov teleqramın surətini istədi ki, oxusun, verdilər. Lyaxov baxıb dedi ki, bu o teleqram dəyildir. Şah dedi: – Xeyr, odur. Lyaxov dedi: – Burada Təbriz-məbriz yazılmayıb. Onda şah ilə Dəlallüddövlə dedilər: – Doğrudur, zahirdə yazılmayıb, amma batində yazılıbdır. Lyaxov başa düşmədi. Güclə onu başa saldılar. O halda Lyaxov şahdan izn istəyib, başladı qəhqəhə ilə gülməyə! Güldü, güldü, axırda özünü toxtadıb dedi: – Ay padşah! Heç təşvişə düşmə, bu bir quru protestdir, vəssəlam! Burada ayrı bir fikir yoxdur! Şah dedi: – Canım, axı Bakı iranlıları bilirlər ki, mən belə şeylərə qulaq asmaram, bəs nə üçün hələ özlərinə zərər də vurub, nahaq yerə zəhmət çəkirlər? Lyaxov qandırdı ki, buna “Yevropa qaydası” deyərlər, doğrudur, o cürə protestlər Avropada nəzərə alınar, amma İran üçün o cürə şeylərin mənası yoxdur. Şah və vəzirlər çox şad oldular və Lyaxovun ağıl və kəmalına heyrət etdilər və dedilər: – Qoy Bakı iranlıları qiyamətə kimi tətil eləsinlər! Şura dağıldıqdan sonra vəzirlərdən birisi gedə-gedə belə zümzümə edirdi. Saqi, benur bade bər əfruz came-ma Motrob bequ ke, kare-cəhan şod bəkame-ma. * * * Rusiyaya dair Dövlət duması açılmaq üzrədir. Hər bir vüzəratın gələcək sənə üçün mədaxil və məxaric hesablarından əmələ gələn ümumdövlət büdcəsi kimi adi məsələlərdən başqa, zaman və cərəyani-hadisat ilə meydana atılmış bir çox məsələlər var ki, Dövlət duması onları həll etməyə məcburdur. Məsələn, bu gün Peterburqda darülfünun işləri böyük bir böhrana uğrayıb, tələbələr universitet qapılarını üzlərinə bağlamağa məcbur oldular. Bu darülfünun pərişanlığının baisi olan maarif vəziri Şvarts 1905-ci sənədə 27 avqustda darülfünun istiqlaliyyəti xüsusunda verilmiş fərmana müqayir olaraq verdiyi əmrlərini Senat vasitəsilə izah etmək istəyir və bu əmrləri həman fərmana müvafiq olduğunu qandırmağa səy edir. Lakin maarif vüzəratı tərəfindən maarif işlərinə dair ixtiyar edilmiş bu məslək, nəinki bir darülfünunda, əhali arasında, duma əzaları arasında, bəlkə rus milləti ittifaqı ilə ifrat sağ məbuslardan başqa hökumət nümayəndələri arasında da hüsn-qəbul görməyib, vəzirin məqamını paxlatsın. İndi, maarif vəzirinin istefa edəcəyi xüsusunda müvəkkəd şayiələr dövran etməkdədir. Maarif vəziri nə etdi? Maarif vəziri əvvəla tələbələri vükalət ixtiyarından məhrum edib professorların üzərinə də bir dərəcəyə qədər polis xidməti vəz etdi. Bundan başqa, qız könüllü tələbələrin zükur tələbələr ilə bir yerdə dərslərə qulaq asmaq iznini geri aldı. Vəzir təklif edir ki, qızlara alahı dərs verilsin. Professorlar isə bunu qeyri-mümkün və icraedilməz bir iş olduğunu elan edirlər. İndi iş dumaya qalıbdır. Bu halda darülfünun üçün yeni nizam tərtib olunub, vəzirlər şurasında müzakirəyə alınıbdır. Bu nizamnamə sonra dumaya veriləcəkdir. İştə duma darülfünun köməyinə gəlməlidir. Danışırlar ki, dövlət duması maarif vüzəratının islahı işində çalışacaqdır. İndi qəzetələrdə fikirlər bəyan olunur ki, Dövlət duması senatın islahına dəxi çalışsın. Çünki bu halda, senat bir müəssisə olubdur ki, Dövlət duması kimi, vəzifəsi qanunsuzluq olan müəssisənin tədqiqi həyat üçün verdiyi qanunları “izah” namilə tamamilə ləğv edir. Doğrudan da senatı qanunsuzluq işinə qarışmadan mən etmək işi Dövlət duması üçün böyük bir vəzifədir. Ümumdövlət üçün və baxüsus biz qafqazlılardan ötrü mühüm ədd olunan məsələlərdən biri də Qafqaz idarəsi məsələsidir. “Novoe vremya” qəzetəsi Qafqazda inqilab var, hökumət başıboşluq edir, gedir, kimi ünvanlar ilə o qədər cıqır-bağır etdi ki, canişini Qafqazın Peterburqa getməsinə və Qafqaz idarəsi işlərini təftiş etmək üçün bir senator göndərilməsi lazımdır kimi sözlər söyləməyinə səbəb oldu. Şübhəsizdir ki, duma bu səfərki iniqadlarında Qafqaz məsələsi ilə də uğraşacaqdır. Deyirlər ki, canişini Qafqaz bu barədə Qafqaza dair bir neçə qanun layihələri hazırlayıbdır ki, dumaya versin. İndi bizim Qafqaz məbuslarımızın böyük vəzifəsi və məsuliyyəti burada da Qafqaz məbusları dumanı Qafqaz ilə tamam surətdə aşna etməyə və Qafqaz əhalisinin bütün ehtiyaclarını dumaya bildirməyə borcludur. Onlar dumanı xəbərdar etməlidirlər ki, madam ki, Qafqazda bəzi inqilabcüyanə hərəkət və cinayət işləri baş verməkdədir, o surətdə onun səbəbi Qafqaz əhalisinin bir çox ehtiyacatının rəf edilməmiş bir halda qalmasından irəli gəlir. Ümidvarıq ki, ölkəmizin məbusları bu gunə vəzifələrindən xəbərdardırlar. Ümumrusiya müsəlmanları məbuslarına gəlincə onlar da burasını yaddan çıxartmamalıdırlar ki, keçən iniqad əsnasında bir şey etmədilər və Sibir və Türküstan kimi müsəlman yerlərinin dumada iştirak edəcək məbuslardan məhrum olmalarına qeydsiz baxdılar. Halbuki bu məsələni dumada müzakirəyə qoymalı idilər. Yer və torpaq, maarif, mühacir və bunlar kimi bir çox həyati məsələdə namücməl qalıb müsəlman əhalisinin “Duma bizə nə yaxşılıq elədi?” kimi haqlı suallar verməsinə səbəb oldu. Qoy müsəlman məbusları burasını həmişə nəzər önündə tutsunlar ki, 30 milyonluq müsəlmanların bütün ehtiyacat – milliyyə, diniyyə, iqtisadiyyə, elmiyyə və sairlərinin rəfi yalnız bir dumaya bağlıdır. Duma isə bu məsələdə müsəlman məbuslarının ağzına baxacaqdır. İştə o ağız sahibləri öz vəzifələrini pişəzvaxt yaxşıca düşünsünlər. * * * Ordan-burdan 18 Kimdən nə soruşdular Loğman həkimdən soruşdular ki, ədəbi kimdən öyrəndin? Dedi: – Bakının işkol uşaqlarından. Dedilər: – Nə tövr? Dedi: – Təfsilə ehtiyac yoxdur. * * * İskəndəri Zülqərneyndən xəbər aldılar ki, cəsarət və şücaəti kimdən öyrəndin? Dedi: – Nəvvab Eynüddövlə ilə Sərdari Nüsrət Rəhim xandan. Dedilər: – Nə tövr? Dedi: – Onların yerinə utandığımdan. * * * Hatəmi-Taidən birisi soruşdu ki, bu səxavət və kəraməti kimdən öyrəndin? Dedi: – Bakının bəzi milyonçu hacılarından. Dedilər: – Nə tövr? Dedi: – Əhvalat uzundur. * * * Firdovsi əleyhi-rəhmədən soruşdular ki, şeir yazmağı kimdən öyrəndin? Dedi: – Müsəlmanların indiki mütəşairlərindən. Dedilər: – Nə tövr? Dedi: – Mən də onlar kimi ləğviyyat yazmadım. * * * Bir müsəlman uşağından soruşdular ki, bu qədər söyüşü kimdən öyrəndin? Dedi: – Hamısını dədəmdən. Dedilər: – Nə tövr? Dedi: – O mənə söydükcə, mən də əzbərlədim. * * * Ordan-burdan 19 Dünyada olan bütün diri məxluqatın (hətta bəzi nəbatatın da) bir qüvvəyi-tədafüəsi vardır. Yəni bir karastısı var ki, onunla düşməni dəf eləyir. Məsələn, şirin və bəbir kimi heyvanların qüvveyi-tədafüəsi iti dişləri və dırnaqlarıdır. Arının və bəzi cücülərin qüvveyi-tədafüəsi tikanlarıdır. Quşların qüvveyi-tədafüəsi iti dimdikləridir. Bəzi nəbatat var ki, onların qüvveyi-tədafüəsi hiss və zəhərli bir qoxudur. İndi gələk adamlara. Adamlar, müxtəlif firqələrə bölündükləri üçün onların müxtəlif də qüvveyi-tədafüələri vardır. Qoçular firqəsinin qüvveyi-tədafüəsi afserski tapançadır. Həqiqi yazıçıların qüvveyi-tədafüəsi qələmdir. Yalançı yazıçıların qüvveyi-tədafüəsi söyüşdür. Dövlətlilərin qüvveyi-tədafüəsi puldur. Aya bəs mollanümalər firqəsinin qüvveyi-tədafüəsi nədir? Rəvayət eləyirlər ki, onların qüvveyi-tədafüəsi “təkfirdir”. “Təkfir” – təbil babindən əmələ gələn bir sözdür. İndi baxaq görək, aya bu, “təkfir” nə tövr karastıdır? Hamıya məlumdur ki, bomba adamı parça-parça edir. Güllə – adamı deşir. Xəncər – kəsir. Qələm – biabır edir. Söyüş – incidir. Pul – Sibirə göndərir. Bəs təkfir nə qayırır? Rəvayət edirlər ki, təkfir insanı kafir edir. Amma heyif ki, mən bunu başa düşə bilmirəm. Necə yəni insanı kafir edir? – Əvvəla hansı insanı? Urusu, yoxsa müsəlmanı? – Ehtimal var ki, müsəlmanı, çünki urus onsuz da kafirdir. – Bəs hansı müsəlmanı? – Əgər dinindən dönən müsəlmanı, – onda təkfirin lüzumu yoxdur, çünki dinindən dönən aşkar deyir ki, mən kafirəm. – Bəs elə olan surətdə, aya dinindən dönməyən bir müsəlmanı nə tövr kafir etmək olar? – Mən burasını yaxşıca anlayıram ki, bir molla bir kafiri müsəlman edə bilər. Amma burasını heç qana bilmirəm ki, molla müsəlmanı kafir etsin! Çünki müsəlmanı kafir eləmək – misyonerlərin işidir. Bu bir. İkinciyə qalan yerdə, Allah-taala Məhəmməd Əleyhissəlamı göndərdi ki, kafirləri müsəlman etsin, Məhəmməd Əleyhissəlam dəxi etdi. – Aya bəs Mollanümalərə kim tapşırdı ki, Məhəmməd Əleyhissəlam müsəlman edən adamları kafir eləsinlər? – Sözün doğrusu, bu məsələdə lap mat qalmışam. İsrağa gün “Tərəqqi”də oxuyuram ki, müctəhid Ağa Həsən, müctəhid Ağa Kərim və Mir Haşım car çağırtdırıbdırlar ki, hər kəs məşrutəçilərə çörək versə və avadanlıq gətirsə, təkfir olunacaqdır. Yenə də irəlidə oxumuşdum ki, müctəhid Şeyx Fəzlüllah elan edibdir ki, məşrutə istəyən müsəlmanlar kafirdirlər. Və təkfirin qorxusundan da heç bir kəs dörd gün Təbrizə azuqə göndərməyibdir. Bundan belə məlum olur ki, doğrudan da təkfir haman mollaların qüvveyi-tədafüəsidir. – Xub, bəs o Təbrizi bu Rəmazanəl-mübarəkdə dörd gün ac qoyan müsəlmanlar nədən qorxublar? Təkfirdən? – Yenə başa düşmürəm. – Qoy müctəhid Mirzə Həsən desin ki, “filankəs” kafirdir. Çünki Təbriz aclarına çörək gətiribdir. – Aya görək onda mən “Filankəs”in dili lailahəilləllah tutmazmı? – O mənə deyir ki, səni təkfir etdim. Sən kafirsən. Mən də baxıb görürəm ki, onun sözünə mənim nə zahirim kafir oldu və nə də batinim. Xub, mən təkfirdən nə üçün qorxum? Və ac müsəlmanları da rəməzan günündə çörəksiz qoyum? Xülasə! Həqiqi molla müsəlmanı kafir eləməz. Kafiri müsəlman edər. O birilərinə də heç kəs bu ixtiyarı verməyib. O surətdə deməli, təkfir, yəni üfürmək. Elə isə qoy üfürsünlər! * * * Ordan-burdan 20 Ha fikir edirsən, ha özünə təsəlli verirsən, ha deyirsən ki, Allah kərimdir, işimiz bu gün-sabah düzələr, ha papağını fırlayırsan ki, il gəlib keçsin, bir də baxıb görürsən ki, “millət irəli gedibdir”, ha eşidirsən ki, filan yerdə filankəs filan dana məktəb açdı, qiraətxana düzəltdi, pul bağışladı. Ha danışırlar ki, beş il keçməz müsəlmanlar yapon kimi tərəqqi edərlər. Ha deyirlər ki, indidən belə məscidlərdə başmaq, papaq, saqqal məsələləri müzakirə olunmayacaqdır. Ha inandırırlar ki, indidən belə orucluqda qəzetə oxumaq həlal olacaqdır. Ha söyləyirlər ki, daha ümumi mənafe üçün qurulan işlərin içinə qərəzi şəxsi soxulmayacaqdır. Ha deyirlər ki, daha bundan sonra müsəlmanlar arasında ittəhad və ittifaq olacaqdır, ha inandırırlar ki, müsəlmanlar millət, din və məzhəbi özlərinə bəhanə edib, partiyabazlıq salmayacaqlar. Ha deyirlər, ha söyləyirlər, ha inandırırlar, – yenə axırda baxıb görürsən ki: Əlif, zəbər ə, bey zən əb, cim, zəbər, cə, dal zən cəd – əbcəd! * * * Ordan-burdan 21 Bayram Bu gün eydi fikirdir. Bu gün o gündür ki, camaatın ağzı açılıb, amma məscidlərin ağzı qapanır. Məscidlərin ağzı qapanmağı bir tərəfdən şayani təəssüfdür. Amma çünki məscidlərin ağzı qapandıqda bəzi adamların da ağzı qapanır, ona görə digər tərəfdən şayani məsərrətdir. İndi mənə deyəcəklər ki, əşi sizdən ötrü məscidin ağzı qapalı olsun, ya açıq olsun. Hamısı birdir, siz ki, məscidə gəlmirsiniz. Onda mən də deyərəm: Doğrudur, məscidə gəlmirik, amma gəlməməyimizə səbəb var. Mənə nə düşübdür ki, məscidə gedim və qulağım da belə-belə sözlər eşitsin: – Hər kəs rəmazanda qəzet oxusa vələdüznadır. Əgər birisi gedib bir özgəsinin evində söyüş söysə, şübhə yoxdur ki, ev sahibinin acığı tutub deyəcəkdir ki, mənim evim söyüşxana deyil. Halbuki, Allahın evində müqəddəs minbərdən, rəmazan günündə bu cür nalayıq sözlər eşidirsən... Yox, sözün doğrusu, iş belə olan halda məscidin ağzı qapalı yaxşıdır! * * * Bəli, orucluq çıxdı. Aya, camaatımız Allah-taalanın bu böyük nemətindən bəhrəmənd oldularmı? Bəli, oldular. Əqəllən məscidlərdə bir iyirmi dəfə ictimai-müslümin vaqe olub, hərçənd müsəlmanların indiki ovzai-pərişanından danışılmadı, bu gün hər müsəlmanın borcu nə olduğu məlum edilmədi, qara camaatın ağlının, daireyi məlumatını artıran söhbətlər edilmədi. Qan tökənlərə rozə təsir edəcək sözlər söylənmədi, amma hər halda – bərəkət olsun – bir çox faydalı və lazımi sözlər danışıldı ki, onun millətimizə artıq nəfi vardır. Məsələn, camaat bildi ki, nə üçün arvadlar heyz görürlər, belə məlum olub ki, bunun səbəbi Həvvanın behiştdə buğda ağacına əl uzatmağı imiş, çünki o vaxt ağacdan qan gəlibmiş; bundan başqa yenə məlum oldu ki, imamlarımızdan biri bir kafir öldürübdür ki, gündə bir dəvə yeyərmiş. Amma hamısından nəfili dəvə məsələsidir. İndiyə qədər heç bir alim bilmirdi ki, nə üçün dəvənin alati-tənasüli daladır, görünür ki, bunun baisi Cəbrayıl əleyhüssəlam imiş. Çünki bir dəfə İbrahim peyğəmbər bir bütpərəsti dəvənin üstündə dəvə ilə bir yerdən götürüb çiyninə alıbdır, bu əsnada dəvəyə bovl etmək lazım gəlibdir. Cəbrayıl əleyhüssəlam bunu görüb, İbrahim peyğəmbərin üstü bulanmasın deyə, qanadı ilə geri vurubdur. Bunlardan başqa, camaat bunu bilibdir ki, qəzetə oxuyanların hamısı vələdüznadır. * * * Bunlar hamısı keçəndən sonra millətimiz minlərcə belə bayramlara nail olsun, amma onunla bərabər Allah bizə rəhm eləsin. Çünki biz daha çürüyürük... * * * Ordan-burdan 22 Tazə xəbər Eşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur. * * * Məlum olduğu üzrə, müsəlmanlar içində ən əvvəl danos yazanlar bəylər oldular. Sonra bu adət kənd yüzbaşılarına keçdi, sonra hacılarımız və qara və qırmızı və ağ saqqallarımız dəxi bu işi çox bəyənib adətkərdə oldular. Əhvalat bu üzrə ikən müəllimlərimiz gördülər ki, adə, rusca bilən bunlar, zakona bələd olan bunlar, amma danos yazan özgələr!.. Yox, belə olmaz deyib, müəllimlərimiz dəxi bir-birlərindən danos yazmağa şüru edibdirlər. Ümidvar olmalıdır ki, bu “gözəl” adət əhalimizin sair sinifləri arasında da intişar tapıb, bir qədərdən sonra bütün Rusiya müsəlmanlarının hamısı danos yazan olacaqlar. * * * Gəncə müxbirimiz yazır: İrandan buraya bir adam gəlibdir, həm molladır, həm seyiddir, həm kərbəlayı, həm də məşədi. Məzkur “müqəddəs” şəxs Gəncəyə varid olan kimi, əhalinin orucluq günü qəzetə oxumaq kimi böyük məsiyətlərə mürtəkib olduğunu görüb çox acığı tutdu və moizə əsnasında şeytan barəsində camaata bir məlumat veribdir ki, eyni budur: Dünyada iki cür şeytan vardır. Onların biri dəli və o biri də ağıllıdır. Zəmani ki, dəli şeytan insanın qəlbinə girir, insan haman dəm dəli olur və zəmani ki, ağıllı şeytan insanın qəlbinə daxil olur, insan haman dəm... Cənabi “müqəddəs” istəyir desin ki, ağıllı olur, amma onun əvəzində camaata üç dana səlavat çövürdüb, özü də fikrə gedibdir və sonradan sonraya deyibdir: dünyada nəki maşın, piraxot var hamısını icad edən ağıllı şeytandır, qəzetə yazanlar dəxi haman ağıllı şeytan cümləsindəndir. Ona görə onlara yaxın durmaqdan ictinab etməlidir. İdarədən: Piraxot məsələsindən məlum olur ki, axund Arazdan keçib gələnlərdəndir. * * * Ordan-burdan 23 Bir qədər qəzetəçilik dərsi M ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı? Ş a g i r d l ə r – Xeyr, olmaz. M ü ə l l i m – Necə olmaz? Bəs qəzetənin başında “Hürriyyət” yazılıbdır? Ş a g i r d l ə r – Doğrudur, hürriyyət yazılıbdır, amma hürriyyət ondan ötrü yazılmayıbdır ki, hər kəsin ağlına nə gəlsə götürüb qəzetəyə vurdursun. M ü ə l l i m – Çünki o halda qəzetə nə olar? Ş a g i r d l ə r – O halda qəzetə zibil səbəti olar. M ü ə l l i m – Çox yaxşı, bəs o surətdə kim kimdən inciməlidir, qəzetənin müdirimi yazı yazıb da yazdığı çap olunmayandan, yoxsa yazı yazıb da yazdığı çap olunmayan qəzetənin müdirindən? Ş a g i r d l ə r – Qəzetənin müdiri yazı yazıb da yazdığı çap olunmayandan inciməlidir. M ü ə l l i m – Nə üçün? Ş a g i r d l ə r – Çünki yazı yazıb da yazdığı çap olunmayan müdirin qəzetəsini zibil səbətinə döndərmək istəyirmiş. (Bəzi yazı yazıb da yazdıqları çap olunmayan şəxslərdən təvəqqe olunur ki, bu sözlərdən hələ tez inciməyib, dərsin dalına qulaq assınlar). M ü ə l l i m – Bəs qəzetəyə nə tövr məqalə yazmalıdır ki, çap olunsun? Ş a g i r d l ə r – Əvvəla, qəzetənin məsləkinə müvafiq olsun. M ü ə l l i m – Məsələn, nə tövr? Ş a g i r d l ə r – Məsələn, qəzetənin məsləki budur ki, tərəqqiyə mane olan şeylər rəf edilsin. Ona görə əgər birisi durub yaza ki, dəmir yolu şeytan əməlidir və gödək paltar geymək haramdır, o surətdə onun məqaləsi çap olunmayıb, zibil səbətinə düşər. M ü ə l l i m – Və saniyən? Ş a g i r d l ə r – Və saniyən mətbuat qanunlarına müğayir olmasın. M ü ə l l i m – Nə tövr? Ş a g i r d l ə r – Mirzə, onu müdir özü canının qorxusundan yaxşı bilir. M ü ə l l i m – Və salisən? Ş a g i r d l ə r – Və salisən, qərəzi şəxsi ilə yazılmasın. M ü ə l l i m – Nə tövr? Ş a g i r d l ə r – Məsələn, Əli Vəli ilə qumar oynaya, Vəli də Əlinin pulunu uda. O surətdə Əli götürüb qəzetəyə belə bir şey yaza: “Ay, cəhalət bizi basdı, qəflət yuxusu axırımıza çıxdı. Biz nə vaxtadək öz hüququmuzu anlamayıb, onun bunun əlində müztər qalacayıq? Bir insaf edin, özgə millətlərin cavanları elm və ədəb dalına düşüb millətə xidmət etmək yolunda can qurban edirlər. Amma bizim cavanlarımız, əz on cümlə, məsələn, cənab Vəli bəy, gündüz axşama kimi klublarda leylaclıq edib, qumar oynayır və xalqın pulunu udur. Möhtərəm müdir, təvəqqe edirəm ki, adımı yazmayıb, imzamı “Canı yanan” qoyasınız. Bu cürə kağızların da yeri zibil səbətidir. M ü ə l l i m – Xub. Və rabəən? Ş a g i r d l ə r – Və rabəən, şəxsi işlər yazılmasın. M ü ə l l i m – Nə tövr? Ş a g i r d l ə r – Məsələn, biri belə yaza: Müdiri möhtərəm, çox təvəqqe edirəm ki, mənim bu kağızımı çap edəsən. İsrağa gün mən çəkmə almaqlıq qəsdilə Məşədi Filanın dükanına getdim. Məşədi Filan məndən 12 manat nəqd pul alıb, bir cüt çəkmə verdi. Çəkməni geyib bir gün gəzəndən sonra gördüm çox dardır və ayağımı bərk sıxır. Əhvalatı Məşədi Filana nəql elədim. Dedi mən nə qayırım, dedim çəkməni geri al və ayrısını ver. Dedi olmaz, xarablamısan! Nə qədər elədim olmadı. İndi bu əhvalatı cəmi müsəlman qardaşlarıma bildirib sual edirəm ki, aya rəvadırmı ki, həmi pulum getsin, həm də çəkmə ayağımı çolaq eləsin! Bu da səbət malıdır. M ü ə l l i m – Xub və xamisən? Ş a g i r d l ə r – Və xamisən biməna şeylər yazılmasın. M ü ə l l i m – Nə tövr? Ş a g i r d l ə r – Məsələn, bu gün tək və tənha əyləşib öz-özümə fikir edirdim. Müsəlman millətinin xar və zəlil olmağı barəsində. Hansı ki, ayrı millətlər hamısı qabağa gedir, amma biz bədbəxtlər geriyə qalıb, hansı ki, gərək biz hamı millətlərdən qabaqda olub, yüzlərcə məktəblərimiz olub, uşaqlarımız dərs oxuya idi. Hansı ki, indi küçələrdə “əlməndə” oynayırlar. Müdir möhtərəm, təvəqqe olunur ki, çox tez qəzetənizdə çap eləyib, adımı da “Nalan” qoyasınız. M ü ə l l i m – Müdiri möhtərəm, bu məqaləni tezmi çap edər? Ş a g i r d l ə r – Deyir, müdiri möhtərəm, bu məqaləni cırıq-cırıq eləyib öz-özünə deyər: bunun əvəzinə bir əhvalat yazıla idi, yenə bir şey olardı. M ü ə l l i m – Və sadisən? Ş a g i r d l ə r – Və sadisən, fitnə və fəsad qovzayan olmasın. M ü ə l l i m – Nə tövr? Ş a g i r d l ə r – Daha onu burada yazmaq lazım deyil. Çünki məqalə yazan özü bilir ki, fitnə qəsdi ilə yazıbdır. M ü ə l l i m – Çox gözəl, dərsinizi yaxşı bilirsiniz. Əgər müsəlman yazıçıları da bu dərsləri əzbərləsəydilər, nə olardı? Ş a g i r d l ə r – Özlərinin və müdirin vaxtını zaye etməzdilər. 7 qəpiklik markanı, iki qəpiklik mürəkkəbi və bir qəpiklik qələmi kor qoymazdılar və zibil səbətini ağzınadək doldurub xidmətçinin də əziyyətinə səbəb olmazdılar. İ d a r ə d ə n – Ay olaydı ha! * * * Ordan-burdan 24 Yarım günlük səyahətim ...qərəz mindik vaqona. Burada məndən savayı iki nəfər gəncəli ilə iki nəfər də bakılı və bir nəfər şamaxılı var idi. Başladıq söhbət eləməyə. Allah bunlardan razı olsun, çünki bunların söhbətindən bir çox bilmədiyim şeyləri qandım və öyrəndim. Məsələn, gəncəli dedi ki: – Keçən dəfə bizim bir qohumumuza sudda üç il “xəsiyyət” kəsmişdilər... Gəncəli qardaşın bu “xəsiyyət” sözünü mən başa düşmədim və güman elədim ki, bu söz tək bir Gəncə şivəsinə məxsus bir sözdür ki, onu bakılı qardaş da bilməyəcəkdir. Amma gördüm xeyr, bakılı qardaş onu çox yaxşıca başa düşüb dedi ki: – Haman mən dediyim adama da iki il “xəsiyyət” kəsiblər. Yanımda bir şamaxılı qardaş var idi, qəsdən bundan soruşdum ki, “xəsiyyət” nə sözdür? O başladı mənə qandırmağa. Onda bildim ki, “xəsiyyət” ümumi və rəsmi bir sözdür ki, onu bakılı da, gəncəli də, şamaxılı da və şübhəsizdir ki, qarabağlı da, şəkili də, qubalı da, qərəz bütün Qafqazın müxtəlif yerli müsəlmanlarının çoxu (müsəlmanların da çoxu kimdən ibarət olduğu məlumdur) bilirlər. Mən də bildim və bilməyənlərə də ərz eləyim. Məsələn, bir müsəlman karastısını və ya yarağını götürüb gedir o biri müsəlmanı öldürür. Sonra iş belə düşür ki, bu müsəlman (yəni öldürən müsəlman, ölən yox) hökumət əlinə keçir. Sonra hökumət bunu suda verir. Sud da bu müsəlmanı göndərir Sibirə və yola salmaqdan qabaq deyir ki, sənə üç il “xəsiyyət” kəsmişəm. Onda müsəlman qardaş anlayır ki, gedib Sibirdə üç il oturub, lakin əlini ağdan qaraya vurmayacaqdır, ancaq gözləyəcəkdir ki, “xəsiyyəti”, yəni xasiyyəti dəyişsin. Yəni adam öldürmək kimi heyvan xasiyyətini dəyişib, onun əvəzində adam öldürməmək kimi insan xasiyyəti olsun (İndi Sibirdə müsəlman qardaşın heyvan xasiyyəti dəyişirmi, dəyişmirmi? – o ayrı məsələdir). * * * Müsəlman qardaşların o biri söhbətlərindən də bunu başa düşdüm ki, Bakıda adam öldürmək bir qədər tənəzzülə düşübsə də, Allah, bərəkət versin, Gəncədə çox tərəqqidədir. Bundan başqa, Gəncədə də, Bakıda da adam öldürmək şikara çıxmaq kimi bir şeydir. Ancaq Bakıda adamı quş atan kimi atırlar, Gəncədə isə heyvan öldürən kimi öldürürlər. * * * Vaqonda bizdən başqa bir-iki nəfər kəndli müsəlman qardaşlar dəxi var idilər. Bunların ikinci klasda getmələri mənim diqqətimi cəlb etdi. Soruşdum ki, nə tövr olub ki, siz bura düşübsüz? Dedilər: “Başına dönüm, Allah bayisin evini yıxsın!” Və sonra bu əhvalatı nəql elədilər. Bilet almaqdan qabaq bir nəfər konduktor paltarında adam bizi tovladı ki, gəlin mənə bir-iki manat verin, sizi biletsiz aparım. Biz də güman elədik ki, bəli, habelə olsa, bir-iki manat irəli düşərik, bu da bizdən bir manat beh aldı. Sonradan-sonraya bir Allah bəndəsi bizi başa saldı ki, haman “konduktor” bicin birisi imiş və bizi axmaq müsəlman deyə ələ salıbdır. Tez yüyürdük ki, bilet alaq. Amma baxdıq gördük ki, üçüncü klasın bileti qurtarıb, naəlac qalıb ikinci klasın biletini aldıq. Sonra getdik ki, şeyimizi baqaja verək. Bizə dedilər ki, olmaz, dedik nə üçün? Dedilər ki, “zakon ni bazvalayit”. Gördük vaxt keçir, qaldıq baxa-baxa. Sonra o, “zakon ni bazvalayit” deyən adamların birisi bizə göz elədi. Biz haman dəm bu işarəni başa düşüb, əlimizi cibimizə saldıq və yarım manat pul düzəltdik. Ondan sonra gördük ki, bu səfər “zakon bazvalayit”. Xülasə, gəldim çıxdım getdiyim yerə, amma burada gördüyümü sonra deyəcəyəm. * * * Ordan-burdan 25 Yarım günlük səyahətim və yaxud üsuli-cədid təlimi nəyə deməzlər! Əgər “bir müəllim” klasın içində bozbaş yeyə və qabağında diz üstə oturub yırğalanan uşağa deyə ki: “Lam, əlif, layi, püş, yufi, zən yuf, layi lam, zəbərli, layifli, huhu, layəfləhu, nun zəbər, nə layəfləhunə” və eyni zamanda o biri uşağa deyə: “Bər daniyani rəmuziagahi” və bozbaşdan iki qaşıq vurub davam edə: “Və dəqiqə şünasani hekməthayi ilahi vazeh və mübərəhən əst” və bunun dalınca bir yoğun papiros qayırıb uşağın üzünə fısqırda! Buna üsuli-cədid təlimi deməzlər. Ağlım kəsir ki, bunu müəllimlərin hamısı bilirlər. Və yenə, əgər bir müəllim uşaqlari iki-uç saat klasda saxlaya və tənəffüsə qoymaya və uşaqlar yorula və yorulub yata və müəllim uşaqları yuxudan durğuzub deyə ki, gedin, çörək yeyin, sonra gəlin, yenə dərs deyəcəyəm, ona da üsuli-cədid üzrə təlim deməzlər. Belə zənn edirəm ki, müəllimlərin bir çoxu da bunu bilirlər. Və əgər bir məktəb ola və o məktəbdə bir müəllim ola və o müəllimin yanına bir ayrı müəllim də gələ və əvvəlki müəllim görə ki, bu tazə müəllim ondan çox bilir, ona görə xayınlığı tutub bu müəllimin quyruğunu düymək istəyə və onun üçün bəhanələr axtara, amma yaxşı bəhanə tapa bilməyə, onun üçün ona sataşa və bu tövr ilə bir “skandal” çıxarda və uşaqların atalarına söyləyə ki, bu tazə müəllim dinsizdir, özü də şərab içir. Və məktəbin işinə şuluqluq sala, buna da heç vaxt üsuli-cədid təlimi deməzlər, bəlkə üsuli-şeytan rəftari deyərlər. Məncə, klasda bozbaş yeyən müəllim, bu üsuli-şeytan rəftarlı müəllimdən xətasızdır və bir də, o ki deyirlər, məsələn, “Qafqaziyada cəhalət” elə haman cəhalətin ürəyi bax haman bu cürə rəftardır. Burada mənim səyahətnaməm tamam olur. * * * Ordan-burdan 26 İrana dair aşıq nağılı Elə ki Təbriz “guruldadı”, Əmir Bahadır Cəng başılovlu yüyürdü Şeyx Fəzlullahın yanına, şeyx bunu görüb qorxdu və dedi: ya Əmir! Bu nə pəjmürdə haldır, əhvalın nə üçün belə pərişandır? Onda Əmir Cəng əlini qulağının dibinə qoyub bir Qarabağ şikəstəsi çağırdı və dedi: Bağda gülüm sıx-sıxdı Düşmən vurdu, dost yıxdı. Belə boynu sınmış Eynüddövlə – ay Şeyx Fəzlullah Çürük qoz kimi boş çıxdı. Şeyx həzrətləri bu xəbəri eşidən kimi qəlbindən bir ah çəkib, o da əlini qulağının dibinə qoyub, cavabında bu bayatını oxudu: Mən aşıq, o kəndə də, Belə o kəndə də, bu kəndə də. Səni görüm belin sınaydı, Səttarxanı əkən dədə. Bu əsnadə bir neçə Tehran qırmızı saqqalları Əmir ilə şeyxin bu sədalarını eşidib, yüyürüb gəldilər və soruşdular ki, aya, nə vaqe olubdur və elə ki əhvalatdan xəbərdar oldular, həman dəm onlardan biri əlini qulağının dibinə qoyub çağırdı: Saraya bax, saraya, Sarı köynək saraya, Bir tez şaha deyin ki, Lyaxov getsin haraya. Lyaxov kənarda durub gəzinirdi. Birdən bu yığıncağı görüb gəldi ki, dağıtsın, amma əhvalatdan xəbərdar olub, əlini qoydu qulağının dibinə və rusca bu cürə bir şikəstə çağırdı: Ya persidskiy ataman, Başım rusiyyət, ayağım Tehran, Gör! Bir Təbrizi saxlaya bilmədiz, Ax tı svoloç Rəhim xan! Tamam üç gün bunlar yas saxlayıb, qara geydilər və çoxlu şikəstə dedilər. Axırı gördülər ki, Mərənddən bir teleqram gəlibdir. Hamısı yığıldılar Əmir Cəngin başına və dedilər: Sən Allah tez oxu, görək nə yazılıbdır. Bəlkə bir qədər təskinlik ola. Əmir Cəng teleqramı açıb oxudu və gördülər ki, Şüca Nizamın oğlu tərəfindən yazılıbdır! Obamızdır dalı dağın, İnək göndərdim onu sağın. Burada Əmir Bahadır soruşdu ki, inək gəlib çıxıbdırmı? Dedilər ki, xeyr, hələ bir dalısını oxu! Əmir dalısını oxudu: Belə evimizdə bir bomba partladı, Dədəm oldu darbadağın. Ravi and içir ki, burada camaatın arasına bir şivən düşdü, bir vur çatlasın qalxdı ki, qulaq tutulmağa gəlirdi. Hər kəs teleqrafxanaya yüyürüb tanış və aşnalarına tel vurdular ki, onların adına heç bir pasılka göndərilməsin. Çünki kağızın dalında yazılmışdı ki, bomba pasılkanın içindən çıxmışdır. Sonra Əmir Cəng “handan-hana” özünə gəlib ağlaya-ağlaya bir teleqram yazdı və göndərdi ki, Mərənddə Şüca Nizamın qəbri üstə oxusunlar. Teleqram belə idi: Dəryada gəmim qaldı, Biçmədim, zəmim qaldı. Yoldaşların ora-bura qaçdı, sən də ki, öldün, Bəs mənim kimim qaldı... Aşıq deyir: Qəzetə müxbirlərindən birisi İran işlərinə çox yaxşı bələd olan bir adam ilə danışıb deyibdir ki, İrandan ağlın nə kəsir? İrana yaxşı bələd olan adam əvvəlcə başını bulayıb, sonra əlini qulağının dibinə qoyub, müxbirə belə cavab verib: Dəvəyə mindim xoruldadı, Yola çıxdım yorulmadı. Əgər işlər belə getsə, Onda İran guruldadı. Aşıq bisavad olduğuna görə mən qol qoydum. * * * Ordan-burdan 27 Sokrat təriqilə siyasi söhbət B – Əşi, bilmirəm bu məşrutə nə idi ki, bu yazıq İranı bu günə saldı! İndi bu nə ömürdür ki, o yazıqlar sürürlər?! C – Lap doğru buyurursunuz, İranın bugünki haləti çox yamandır! B – Və bunun hamısına da səbəb haman məşrutədir, bilirsinizmi? C – Necə ki, bilmirəm, doğrudan da səbəbi məşrutədir. B – Bax, əgər məşrutə olmasa idi, Mələkəlmütəkəllimeyn, Cahangir xan kimi adamlar da ölməzdi! C – Doğrudur, Təbrizdə də bir bu qədər adamlar qırılmazdı! B – Bəli, çox heyiflər olunsun ki, məşrutə araya düşüb işi bu günə pərişan etdi. C – Səhih buyurursunuz, bir bu qədər zülmə məşrutə səbəb oldu. B – Odur ki, deyirəm, qoy iranlılar bu məşrutə əhvalatını bilmərrə büküb palazın altına qoysunlar. C – Yəni lap aradan götürsünlər. B – Bəli, bəli! C – Çox səhih, çox səhih. B – Məncə, bilirsiniz, İran üçün məşrutə lazım deyildir, “müqənnənə” lazımdır. C – Bağışlayın, müqənnənə sözünü mən başa düşmürəm. B – Müqənnənə, qanun sözündən çıxıb. Dövləti müqənnənə, yəni qanuni olan dövlət. Ancaq o qanunlar gərək yazılmış olsun. C – Aha! Başa düşdüm! Sağ olun! Ancaq bu sözü mən birinci dəfədir ki, eşidirəm, görünür ki, tazə sözdür. B – Bəli, bəli! Bu sözü biz özümüz İranda çıxartdıq və çox adam da bizim bu sözümüzü haqlayır. Məsələn, şapşal və s. C – Mən özüm də sizin bu sözünüzü haqlayıram, məhz doğru buyurursunuz. Sizin bu sözlərinizə mən iki əllərimlə, hətta, mümkün olsa, iki ayaqlarım ilə də qol qoyub sizlə bərabər deyərəm ki, İran üçün yazılmış qanunlar lazımdır. B – Sağ olun, mən çox məsrur oldum ki, siz də mənim fikrimə şərik oldunuz. C – Heç şübhə etməyin ki, mən həmişə yaxşı fikirlərə şərikəm. B – Sağ olun. C – Siz də sağ olun və Allah sizdən razı olsun. B – Əgər İran dövləti müqənnənə olub və bütün işlərə qanun ilə getsəydi, əhvalı çox yaxşı olardı. C – Əlbəttə, əlbəttə, heç şübhə yoxdur! Əlbəttə, əlbəttə, ancaq söz yoxdur ki, o qanunlar gərək camaatın məişətinə, diriliyinə müvafiq olsun! Yəni iranlıların ehtiyaclarını rəf eləyə bilsin, elədirmi? B – Bəli, düzdür, doğru buyurursuz, o qanunlar gərək rəfi hacət edə bilsin. C – Amma bir az o qanunları tapıb qayırmaq çətindir. Onun üçün gərək bütün İran əhlinin hər bir ehtiyacatını biləsən! Doğrudurmu? B – Bəli, əlbəttə, bütün ehtiyacatı bilmək lazımdır. C – Görəsən İran vəzirləri camaatın hər bir ehtiyacatını bilirlərmi? Onu siz yaxşı bilərsiniz. B – Yox, ağlım kəsmir ki, bilsinlər... Doğrusunu axtarsan heç bilmirlər... C – Bəs onu kim yaxşı bilir? B – Nə deyim, vallah! C – Mən belə güman edirəm ki, camaatın içində bir çox adamlar tapılar ki, onlar camaat ehtiyacatını vəzirlərdən yaxşı bilirlər. Siz nə fikir edirsiniz? B – Doğrudur, söz yoxdur ki, belədir. Çünki vəzir ehtiyac görməmiş bir adamdır. C – Onda nə yaxşı olardı ki, o adamlar yığılıb qanun qayırmaqda hökumətə, yəni şaha, vəzirlərə kömək edəydilər, elədirmi? B – Doğrudur, çox yaxşı olardı. Çünki onların qayırdıqları qanunlar camaat ehtiyacatına müvafiq olardı. C – Yaxşı olardı ki, camaat o adamları seçib, göndərəydi şahın yanına və onlar da gəlib orada yığılıb haman siz dediyiniz qanunları qayıra idilər və İran qanunlu bir dövlət olaydı. Buna nə deyirsiniz? B – Nə deyəcəyəm, çox gözəl olardı, çox yaxşı olardı. C – Bəs filan-filan şüdə, nə üçün deyirsiniz ki, İran üçün məşrutə lazım deyildir. B – Boy! Məyər elə olsa məşrutə olar? C – Bəs, məşrutə nədir? Məşrutə budur ki, var. B – Mən ölüm!? C – Sən öl, özüm ölüm ki! B – Balam, onda bağışla, biz elə bilirdik ki, məşrutə, yəni camaatın hökumət ilə davası və şuluqluq. C – Xeyr, məşrutə, yəni camaat başbilənlərinin yığılıb camaatın ehtiyacatına müvafiq qanun qayırmağı, vəssəlam. B – Balam, Allah səndən razı olsun, amma çox “biclik” ilə məni başa saldın. C – Bəli, politika işində bir qədər “biclik” lazımdır, bunu da yadında saxla. * * * Ordan-burdan 28 Biz nə tövr iş görürük? Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nərdivandır! – Necə yəni nərdivan? Nərdivan nədir? Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar. Bu, belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük. Amma bunun səbəbi var. Səbəbi də budur. Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar. Qərəz, gözümüzü ovçalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin tazadan başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir? – Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini, görürük yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq, siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi... Biz belə iş görürük. * * * Ordan-burdan 29 Əli aşı və Vəli aşı Qafqaz maarif popiçiteli yerli camaat məktəblərindən ötrü tazə proqram göndərib və bu proqrama görə həman məktəblərdə ana dili həftədə 6 dərs, rus dili də həftədə 12 dərs olacaqdır. Popiçitel cənablarının bunu belə etməkdən mənzuru budur. “Yerli ibtidai məktəblərin məqsədi yerlilərin mənəvi və əqli tərəqqilərinə kömək etmək və habelə onların zindəganlığını yaxşılatmaq üçün yol açmaqdır, o biri tərəfdən də onların arasında rus dilini yaymaq və ümumi vətənpərəstlik yolunda rus milləti ilə yaxınlaşdırmaqdır”. Çox gözəl, indi görək aya, ibtidai məktəbdə ana dilinin altı və rus dilinin 12 dərs olmağı ilə popiçitel cənablarının bu qəşəng sözləri “çin” olarmı? Görürsən ki, bir çox adamlar, 15-20 il rusca oxuyurlar, sonra əllərinə qələm alıb rusca bir şey yazırlar və bir rus qəzetəsi idarəsinə göndərib təvəqqe edirlər ki, çap olunsun. Qəzetə müdiri məqaləni oxuyub, cırır və deyir ki, çox bisavad yazılıbdır. Bəs məlum olur ki, rus dili çox çətindir və onu bir millət arasında “yaymaq” üçün və o adamları rusca savadlı eləmək üçün əqəllən 8-9 klaslı məktəblər açmaq lazımdır. Halbuki ibtidai məktəblərdə 3-4 il oxunur və uşaq nə qədər səyli olsa da, 3-4 ilin ərzində o qədər rusca bilir ki, axırda bir gün bir rus ilə danışsa, onun da başına mənim başıma gələn iş gələr. Mən ibtidai məktəbdə 4 il oxuyub, hər il “naqrad” ilə klasdan-klasa adlayırdım və o məktəbdə ki, “hürriyyət” zamanından irəli idi, gündə bir saat öz dilimizdə və qalan saatları da rus dilində oxuyurduq. Məktəbi qurtardım, bir gün atam məni götürüb dedi ki, gedək bir rus ilə danışacağam, mənə dilmanclıq elə. Getdik. Atam dedi, mən tərcümə elədim. Rusca bildiyim sözləri müzayiqə eləmədim. Rus qulaq asdı, asdı, axırda dedi ki, “neçeqo ne ponyal”, yəni heç zad anlamadım. Bir-birimizə baxa-baxa qaldıq. Axırda atam bir erməni çağırdı, gəlib bizə dilmanclıq elədi. Evə qayıdarkən atam mənə deyirdi: heyif sənə xərclədiyim pullar! O ki qaldı ana dilinin azalmasına və 6 dərs olmasına, onda da yenə gündə uşaq bir saat dərs oxumaqla axırda ancaq öz adını və bir də atasının adını yazmaq bilər və bir gün olar ki, onun başına mənim başıma gələn iş gələr. Məktəbi qurtardıqdan sonra bir gün qonşumuz mənə müsəlmanca bir kağız yazdırdı və göndərdi. 15 gündən sonra qonşumuz mənə bir kağız verdi ki, oxuyum. Mən kağıza bir qədər baxıb, bunu oxudum ki, əvvəla səlamət olasınız və saniyən bu tərəfin əhvalını... burada dayandım və gözümü kağıza zillədim və gördüm ki, dalını oxuya bilmirəm. Ha səy elədim, ancaq tək bir “yaxşı” sözünü oxuya bildim. Sonra bir dükançı haman kağızı oxuyub, bilmişdilər ki, kağız yazan şikayət edib deyir ki, yazdığınız kağızı oxuya bilmədim. Kağız yazanda da bir savadlı adama yazdırın ki, yaxşı oxumaq olsun. Bu əhvalatdan sonra atam az qalmışdı ki, məni başmaqçı yanına şagird qoysun, amma mən qaçdım. Bu proqramı popiçitel cənablarına təlqin edən maarif nəzarətini inandırıram ki, camaat məktəbində rus dilinin artması və ana dilinin azalması ilə yerli əhali mənən və əqlən tərəqqi edib zindəganlıqlarının yaxşılaşması üçün yol tapmazlar və “ruslar” ilə də yaxınlaşıb “ümumi vətənpərəst” olmazlar, bəlkə, Əli aşından da, Vəli aşından da olub, axırda avara və bədbəxt olarlar. Həqiqət hali nəzərə almayıb, qəşəng-qəşəng sözlər demək çox asandır. * * * Ordan-burdan 30 İcmali-siyasi və yaxud Yevropanın halı İngilis – Mən Osmanlı ilə dostam, Rusiya gərək mənim sözümə baxa, çünki mənimlə aşnadır. Fransa aşnamdan arxayınam. Bəli, Almaniya çox igidləşibdir! Amma mən ondan qorxmayacağam! Yaxşı anlayıram, Avstriyanın fikrini! Amma görək axırda kim peşman olacaqdır!.. A, bəzzat Bolqariya!?.. Yazıq Serbiya, yazıq Qaradağ, adamın onlara rəhmi gəlir... Fransa – Mən Osmanlı ilə dostam... Bəli, belə işlərdə aşnam İngilis çox xoşuma gəlir, Almaniya məni qorxutmaq istəyir, qorxmaram, amma bərəkallah Rusiyaya, özünü yaxşı aparır. Mənimlə də aşnadır, zəhləm gedir mənim bu Avstriyadan, Bolqariyanı da tovladı, hələ utanmaz da məndən kömək umur. Amma gərək, o Serbiyaya, Qaradağa bir balaca kömək eliyək, uşaqdırlar. Rusiya – Yox, indi mən Osmanlı ilə dostam. İngilis, Fransa kimi adamlar mənimlə aşnadır! Amma hər halda, Almaniya... xatalı adamdır! Hm! Bolqariya yaxşı kələkbaz çıxdı, amma bizim o uşaqların, yəni Serbiya ilə Qaradağın əhvalı yaxşı olmadı. Amma hər halda, Avstriya ilə dalaşmaram. Almaniya – Osmanlı ilə dostam... bain həmə Avstriya mənim aşnamdır. Bolqariyanın bicliyinə o nə qayırsın? Serbiya ilə Qaradağa məsləhət görürəm ki, dinc otursun. İngilis elə bilir ki, mən ona düşmənəm (yəni deyir səndən qorxuram), yəqin indi Fransanın məndən zəhləsi gedir, amma qorxur. Rusiya – heç! İtaliya bizə soyuq baxır, görəsən o nə üçün? İtaliya – Osmanlı ilə dostam, hərçəndi Avstriya ilə aşnayıq, amma zəhləmi tökür. Almaniya aşnam olsa da xoşuma gəlmir, vallah İngilislə Fransa və Rusiya bunlardan yaxşıdır! Əslinə baxsan, Avstriya və Bolqariyadan sonra mən də gərək Qaradağı ciliyə idim. Amma onda onların tayı olardım, istəmirəm, istəmirəm! Avstriya – Təəccüb işdir vallah, hamının gözünə bir tikan olub batmışam. Osmanlıya acığım tutmur, amma nahaq məndən inciyir... A kişilər vallah, tallah, Bolqariyanı mən öyrətmədim! Yaxşı bu İngilisin, Fransanın, Rusiyanın dediyi yəni nədir? Mən öz haqqımı almalı idim? Xeyr, səhv eləyirlər, mən onlardan qorxmuram (Almaniya mənimlə aşnadır), qoy Serbiya və Qaradağ o qədər mənə hürsünlər ki, lap boğazları yırtılsın... Serbiya və Qaradağ – Ax, ax! İngilisin gücü bizdə olaydı, onda Avstriya görərdi ki, biz də bizik. Amma heyif ki, Allah dəvəyə qanad verməyib. Vallah əgər İngilis, Fransa, Rusiya bizə kömək eləməsələr, biz də dinc durmayacağıq. Osmanlı ilə dostuq. Bolqariya – Mən öz haqqımı aldım! Xalq nə üçün bir bu qədər cığır-bağır eləyir? Sən bir Rusiyaya bax, o da qaşqabağını sallayıb. Amma öz aramızdır, xalq elə bilir ki, məni Avstriya başdan çıxartmışdır. Halbuki heç yazığın xəbəri yoxdur. Osmanlının yerinə olsam, bir gün çıxıb deyərəm ki, səninki səndə, mənimki məndə, vəssəlam və səs-küy də aradan götürülər. Amma o da məndən pul qopartmaq istəyir. Görünür ki, dalaşacayıq. Osmanlı – Vay səni məşrutə! Hamını mənimlə dost elədin. Tək bir bu Bolqariya ilə Avstriya namərd çıxdılar. Amma onlar da cəzasız qalmazlar. Ancaq, bir qədər vaxt istər, qoy hələ mən bir içimi düzəldim, sonra çölümü düzəltmək asandır. * * * Ordan-burdan 31 Əlfitnətü naümmətü lənulla ey qəzəha Fitnə yatıbdır, Allah lənət eləsin onu oyadana. Nə gözəl söz və nə gözəl qarğış. Bu gün, aramızda fitnəyə – provokasiya və fitnəçiyə də provokator deyirlər. Çox heyiflər olsun ki, bizim içimiz belə fitnəçi və provokatorlardan təmiz deyildir və biz indiyə qədər, ara qarışdıran və bu kələklə “bulanlıq suda balıq tutmaq” istəyən adamlara səbr eləyirik və hətta, o cürə fitnəçilərin sözlərinə inanıb onlara tovlanırıq və əllərində oyun-oyuncaq oluruq. Hər bir fitnəçinin əlində bir alət olur. Rus fitnəçiləri yəhudiləri qırdırıb, mal və dövlətlərini qarət etmək üçün padşahın adını aləti-fitnə qayırıb, “ay yəhudilər padşahı istəmirlər” deyib safdərun rusları əqva edirdilər. Və yazıq yəhudilərin üstünə qısqırdırdılar. Aya bizim fitnəçi və provokatorların aləti fitnəsi nədir? Bizim fitnəçilərin də aləti fitnəsi – dindir. Fitnəçilərin hayasızlıqlarına bax ki, dini aləti-fitnə və fəsad qayırıb əfradi millət arasına nifaq və şəqaq salırlar. Və biz də bu cürə həyasızlığa səbr və təhəmmül edirik. Əcəba bu fitnəçilərin məqsədi nədir? Bu fitnəçilərin məqsədi iki şeydir: ya qərəzi-şəxsi və yainki: “ay camaat, mən də varam!” Yəni nədən isə xoşuna gəlməyən bir adamı xalq nəzərindən salmaq və yainki özünü meydana atıb “yalançı pəhləvanlıq etmək” məqsədi-xəbisanəsliə bu müfəttin və provokatorlar meydana atılıb sadəlövh və safdərun müsəlmanları tovlayırlar və iş-güclərindən qoyurlar. Bu adamlığa layiq olmayan fitnəçilər deyirlər ki, biz dini-islami qoruyuruq. Bu cürə alçaqlara deyilməlidir ki, qoysanızmı ki, bu yazıq camaat öz iş-gücünə, öz kəsb-karına məşğul olsun?! Nə üçün bu yazıq millət bir qədəm qabağa qoyanda iki qədəm geri çəkilsin?.. Amma camaatımız içində də o qədər safdərun və sadəlövhlər var ki, işi təhqiq etməmiş hər bir fitnə və fəsad sözlərə inanırlar və özlərini də provokatorların əlində oyun-oyuncaq qayırırlar... Çox təəssüflər olsun!.. Xalq nə hayda, biz nə hayda!.. Tfu... * * * Ordan-burdan 32 Bir zaman var idi ki, biz qəzetəmizdə yazırdıq: Türkiyə hökuməti – müstəbidə ilə dolanır, ondan millətə bir mənfəət yoxdur. Allah o istibdadı yox eləsin. Bizim bu sözlərimiz bir çox adamların xoşuna gəlmirdi. O adamlar bizdən küsürdülər və deyirdilər: –Əşi ayıb deyilmi, Türkiyə haqqında belə nalayiq sözlər deyirsiniz. Amma... indi bu gün, o bizdən küsüb bizi məzəmmət eləyən adamlardan heç bir səs-səmir çıxmır. Görünür ki, bizdən xəcalət çəkirlər. Çünki bizə etdikləri töhmətlər geri qayıdıbdır. İndi bu gün Türkiyədə heç bir hakimin ixtiyarı yoxdur ki, əhalidən birinə bilaməhkəmə bir çırtma vursun. Amma İranda, Salar adında bir hökumət qulduru camaatı qoyun sürüsünə döndərib, özü də qəssab olubdur. Onu orda parçalayır, bunu burda boğazlayır. Kişi olsun, arvad olsun, uşaq olsun, hamısını qırdırır və heç kəs də buna bir söz demir. Çünki o quldur, qeyri-məsuldur, yəni heç kəsin qabağında cavabdəhəndə deyildir. Amma əgər İranda məşrutə olsaydı, Salar kimi quldurları camaat içinə buraxmazdılar. İtaliyanın Kalabre adlı vilayətində zəlzələ oldu, minlərcə adam qırıldı. O əhvalat bütün mədəni aləmi məyus və mükəddər etdi. Zərərdidələr üçün hər yerdə ianələr yığılmağa başladı. İranda da Salar kimi quldurlar minlərcə adamları qırdılar, qırırlar və daha qıracaqlar. Amma bu əhvalat heç kəsin qulağına girmir, halbuki italyanlar da adamdılar, iranlılar da... Hələ bundan əlavə, zəlzələnin qabağını kəsmək mümkün deyildir, amma salarların ağzına bir şapalaq vurub cilovunu çəkmək çox asandır. Coğrafiyadan məlumat Rusiya – bir məmləkətdir ki, orada Dövlət duması var, amma əzbərayi ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır. Türkiyə – bir dövlətdir ki, orada dünən hökumət millətin boynuna minmişdi, sonra da millət hökumətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin. Avstriya – bir dövlətdir ki, oranın hökuməti iki tikəni birdən udur. Amma heyif ki, boğazında qalır. İran – cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. İçində 10-15 dənə cürbəcür padşahları var. Hər padşahın əlində 5-6 qoşun və yainki qoyun var. Əhalisi yoxdur. * * * Yenə üsuli-təbii haqqında bir neçə söz Keçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm. Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi: “Canım, keçən səfər sən nə yazmışdın ki, Rəşid bəy ona böylə cavab verir?” Mən dedim ki, əvvəla Rəşid bəy mənə cavab yazma, yıbdır; o mənim məqaləmdən haşiyə çıxır və saniyən, keçən səfər mən yazmışdım ki, “məktəblərimizdə rus dilini üsuli-təbii ilə tədris etmək lazımdır”. Rəfiqim sordu: “Sən yazmışdınmı ki, tazə dil tutan uşaqlarımıza rus dili öyrətmək lazımdır?”. M ə n – Əstəğfürullah, Allaha şükür, hələ ki məndə bir cünunluq nişanəsi yoxdur. R ə f i q i m – Bəs, nə üçün Rəşid bəy cənabları sənə və yaxud haşiyə olmaq üzrə yazır ki, tazə dil tutan uşaqlara üsuli-təbii ilə dil öyrətmək olmaz?! M ə n – Mən də təəccüb edirəm. R ə f i q i m – Sən yazmışdın ki, bütün elmləri rus dilində oxumaq lazımdır? M ə n – Əstəğfürullah! Canım, sən məni kim hesab edirsən, mənim haqqımda bu suzən yararmı? R ə f i q i m – Canım, nə üçün Rəşid bəy əfəndi sənə cavab və ya haşiyə olaraq yazır ki, sair elmləri biz öz ana dilimizdə oxumalıyıq? Bəli, mən rəfiqimin bu sözlərindən kəmal-yəs və kədərlə anladım ki, Rəşid bəy əfəndinin məni incitməyəcək bir tərzdə yazılmış olan haşiyəsini oxuyan kəslər, mənim haqqımda bir çox suzənlərdə bulunacaqdırlar. Qərəz... indi keçək Rəşid bəyin haşiyəsinə. Rəşid bəy əfəndi ən əvvəlcə üstüörtülü olaraq yazır ki, məktəblərimizdə rus dilini heç oxutmaq lazım deyildir. Sonra deyir ki, yox, rus dilini oxutmaq lazımdır, ancaq elmləri öz dilimizdə oxutmalıyıq. Ondan sonra deyir ki, hər halda tazə dil tutan uşaqlara rus dili öyrətmək yaramaz. Bunların arasında da üsuli-təbiini pisləyib, guya üsuli-təbii ilə dərs demək üçün ağzına yumurta salan bir müəllimin dərsini tərif edib deyir ki, belə dərsdən fayda olmaz. İndi keçək Rəşid bəy əfəndinin əvvəl dediyi sözlərə ki, məktəblərimizdə rus dili oxutmaq lazım deyilmiş. Rəşid bəyin fikrincə üç şöbəli ibtidai məktəblərdə əvvəl il yazı və qiraət öyrətmək, ikinci il şagirdlərin təhzib əxlaqına çalışmaq və üçüncü ildə nəfili bilik, məsələn, hesab, bağ və ziraət işi və sairə öyrətmək lazımdır. Əvvəla, bu başqa bir məsələdir və bu barədə mən bir söz yazmamışam və saniyən Rəşid bəyin bu sözlərilə mən razı deyiləm. Rəşid bəy əfəndi tərif edən üç şöbəli məktəb, məncə, bir qəpiyə dəyməz. O cürə məktəbdən uşaq heç bir şey əxz edə bilməz. Məncə, ibtidai məktəblərimizin cümləsi iki sinifli və 5 şöbəli olmalıdır ki, oranı ikmal edən uşaq savad və bilik sahibi ola bilsin və bir də bu məktəblərdə rus dilini məcburən oxutmalıdır. Oxutmalıdır ki, uşaq məktəbi qurtardıqdan sonra ikmali-təhsil üçün realnı, gimnaziya kimi böyük məktəblərə girib, istəsə oradan da darülfünunlara gedə bilsin. İbtidai məktəblərdə rus dili lazım deyil demək, biməna bir təəssübdür ki, onun zərrə qədər mənfəəti olmayıb bol-bol zərəri var. Binəva uşağı yalnız bir ibtidai məktəbdə oxumağa məhkum edib də ikmali-təhsil yolunu tutmağın nə mənası var və bir də camaatımızın bir bu qədər zillət və həqarətlərə düçar olduğu əksəriyən dil bilməmək ucundan deyilmi?! Sonra Rəşid bəy cənabları yazırlar ki, rusi oxutmaq lazımdır, lakin elmləri öz dilimizdə oxutmalıdır. Rəşid bəy əfəndidən sual edirəm, hökumət müstəbiddilərindən başqa, kim deyir ki, ibtidai məktəblərdə elmləri rus dilində oxutmalıdır? Nə üçün Rəşid bəy əfəndi bunu yazıb da, mənim haqqımda xalqı suzəndə bulundurur. O sözləri mənə və ya “Tərəqqi” oxucularına deyil, popeçitelə, maarif vəzirinə, rus hökumətinə söyləmək lazımdır. Əcəba bizim də çalışdığımız ibtidai məktəblərdə elmləri ana dilində oxutmaq deyilmi? Ondan sonra Rəşid bəy elmlərin də rus dilində oxunmasına razı olmuş kimi (halbuki mən ona heç bir vaxt razı ola bilmərəm) deyir ki, tazə dil tutmuş uşağa rus dili öyrətmək yaramaz. Bu mətləbin işə heç bir dəxli yoxdur, çünki hətta hökumət dəxi buna razı olubdur ki, ibtidai məktəblərdə əvvəlki sənə təlimi ana dilində olsun! Böylə sözlərin məni şübhəli göstərməkdən başqa özgə bir mənası ola bilməz. İndi keçək Rəşid bəy əfəndinin üsuli-təbii haqqında olan fikrinə: Guya, üsuli-təbii ilə tədris edən və bunun üçün klasda “yumurtlamağa” məcbur olan bir müəllimin dərsini tərif edib də Rəşid bəy əfəndi sorur: budurmi üsuli-təbii? Cavab verirəm ki, xeyr, müəllimin klasda yumurtalamağı, banlamağı, hürməyi və sairə bu gunə klounluğu üsuli-təbii tədrisi deyildir. Əgər Rəşid bəy əfəndi üsuli-təbiini bundan ibarət bilirsə, o halda doğru deyir ki, bundan uşaqlar bir şey qanmaz. Amma üsuli-təbii bundan ibarət deyildir. Üsuli-təbii ilə dərs vermək üçün müəllimin “tənasüx” edib toyuq, meymun və sair bir heyvan şəklinə girməsi lazım deyildir. Mən üsuli-təbiinin istemalı lüzumu haqqında əvvəlki məqalələrimi yazdıqda müəllim arkadaşların üsuli-təbiinin nədən ibarət olduğunu bilirlər zənnində yazmışdım və o zənnimdə də baqi qalıram və Rəşid bəy əfəndinin isə üsuli-təbiini başqa bir qaydada bilməsinə təəccüb və təəssüf edirəm. Bununla belə üsuli-təbiini başdan-ayağa qədər tamamilə burada tərif etmək məcburiyyətindən özümü azad bilirəm, çünki əvvələn, bunu qəzetə vasitəsilə qandırmaq mümkün deyil və saniyən mən əvvəlki ixtarımı ki, üsuli-təbii ilə dərs vermək yaxşıdır, üsuli-təbii qaydasını bilən müəllimlər üçün yazmışdım və haman üsulun bu bir neçə ildən bəri nə səbəbə gözdən düşmüş olduğunu da iqtidarım qədər bildirmişdim. Və bir də Rəşid bəy əfəndi deyirlər ki, üsuli-təbii ilə dərs verən müəllim yumurtanı ağzına alıb qırt-qırt elədi, sonra yerə salıb rusca dedi ki, toyuq yumurtladı... Nə deyim, görünür ki, ya müəllimin ağzı xariqüladə bir ağız imiş, yainki yumurta çox balaca imiş və illa adi yumurta adi adamın ağzına o qədər sərbəst girməz ki, hələ bir sonra da qırt-qırt eləmək mümkün olsun. Hər halda bəlkə Rəşid bəy əfəndi elə bir müəllim görübdür. Fəqət nahaq yerə Rəşid bəy cənabları üsulitəbiini bundan ibarət bilirlər. * * * Sonra, Rəşid bəy cənabları yazırlar ki, “bizim əqidəmizə görə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət, məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır. Çünki əcnəbi dilinə aşna olmaq fəqərəsi bilik və qanacaq kəsb eləmək deyildir”. Anlamıram ki, Rəşid bəy əfəndi bu sözləri kimə deyir; məncə bu sözlər Rəşid bəy əfəndinin özünə aid olmalıdır. Çünki üsuli-təbii ilə əcnəbi dili öyrənmək fəqərəsilə ibtidai məktəblərində nə oxunması lüzumunu qarışdıran Rəşid bəy əfəndinin özüdür ki, mənim də etirazımın əsası bu maddədir. Mən bəhs açdım ki, rus dilini üsuli təbii ilə tədris etmək lazımdır. Rəşid bəy əfəndi isə, bu məsələni ana dili məsələsilə bərabər məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsilə qarışdırıb, “təbii üsuli-təlim” sərlövhəsi altında yazdığı məqalənin məzmununa başqa bir rəng veribdir. Və “üsuli-təbii” məsələsinə lüzumsuz “haşiyələr” əlavəsilə əsil məsələdən çox uzaq düşübdür. Zatən burasını Rəşid bəy əfəndi özü də iqrar edir ki, axırda deyir: “İndi sədədə gələlim”. Sədədə qayıdıb da Rəşid bəy əfəndi üsuli-təbii haqqında yazır: “Təbii üsul təlim sayəsində əcnəbi lisanına aşna olmaq və bu vəsilə ilə məlumat və mərifət kəsb eləmək qaydasına didaktika qanunları yol vermir”. Diqqət buyurulsun: Rəşid bəy əfəndi yenə də “əcnəbi lisanına aşna olmaq fəqərəsilə məlumat və mərifət kəsb etmək məsələsini qarışdırıb əsil məsələni başqalaşdırır. Halbuki yuxarıda özü tənbeh edir ki, “bizim əqidəmizdə məktəbi-mübtədilərdə oxunmalı dərslərin mahiyyət məlzəmə fəqərəsini əcnəbi dilinə asan təriq ilə aşna olmaq fəqərəsilə heç qarışdırmamalıdır”. Amma Rəşid bəy əfəndi özü öz əqidəsinə etina etməyib qarışdırır. Bilmirəm ki, böylə əqidəsizliyi Rəşid bəy əfəndi nasıl rəva görür. Sonra Rəşid bəy əfəndi burada didaktikadan bəhs açır və o fəndən bir neçə qaydalar zikr edib deyir ki, “didaktikanın işbu qanunlarına təşəbbüsən (?) ən əvvəlcə ana dili təlim və tədris olmamış və I dildə məlumatı əvvəliyə kəsb olunmamış, əcnəbi dilinin təlim və tədrisinə keçmək xilaf təbiətdir”. Əvvəla Rəşid bəy əfəndiyə ərz olsun ki, bu sözləri didaktika deyil, ümumi pedaqogika deyir və bu sözləri də, – keçən dəfə ərz etdiyim üzrə, – nəinki pedaqoqlar, hətta hökumət əhli belə iqrar və etirafa məcbur olub, məktəblərdə əvvəl sənələrdə ana dili tədrisinə yol veribdir. Bunun məsələyə dəxli yoxdur. Didaktika isə pedaqoji fənnin bir qismi olub onun vəzifəsi öyrətmək sənətinə aiddir. İndi bu öyrədiləcək şey rus dilimi, ana dilimi, quş dilimi, çəkməçilikmi, papaqçılıqmı, hesabmı, şəriətmi, hər nə olur olsun, didaktikaya borc deyildir. Bundan başqa, bu dilləri, sənətləri, əməlləri üsulitərcümə iləmi, üsuli-təbiiləmi, hər növ üsul ilə olursa olsun öyrədə bilərsən, onun didaktikaya heç bir dəxli yoxdur; ancaq didaktika səndən tələb edir ki, bu öyrədilən şeyi intixab etdiyin bir üsul ilə öyrədən zaman, bu qaydalara əməl et, yəni: uşağa aşna olan şeylərdən başlayıb biganə olduğu şeylərə keç; uşaq gözü ilə dərk etdiyi şeylərdən başlayıb, xəyal ilə dərk olunan şeylərə keç; sadə və bir əczalı şeylərdən başlayıb mürəkkəb və çox əczalı şeylərə keç və i. a. Əcəba, bu qaydalardan görünürmü ki, məsələn, rus dilini tərcümə vasitəsilə öyrətmək lazımdır?! Burasını dəxi nəzərə almalıdır ki, didaktikanın ümdə qanunlarından biri də budur: uşağa aşna olmayan bir sözü uşaq bilmədiyi başqa bir sözlə qandırmaq olmaz. Halbuki tərcümə üsulunda bir çox rus sözləri tərcümə edilir ki, heç onun mənasını da uşaq anlamır. Bu barədə sonra danışacayıq. Rəşid bəy əfəndi davam edib deyir ki, tazə dil açmış bir səbiyə (yəni uşağa) üsuli-təbii ilə əcnəbi dilini öyrətmək fizioloji və psixoloji (daha doğrusu, pedaqoji deməlidir) nöqteyi-nəzərincə yaramaz. Əcəba, Rəşid bəydən kim təvəqqe edir ki, tazə dil açmış səbiyə əcnəbi dili öyrətsin? Neçin Rəşid bəy yersiz yerə bu cür mətləbi buraya soxur və yenə məsələni qarışdırır?! Rəşid bəy əfəndi deyir ki, “tazə dil açmış” səbiyə üsuli-təbii ilə əcnəbi dil öyrətmək olmaz. Mən deyirəm ki, tazə dil açmış uşağa nəinki üsuli-təbii ilə, hətta üsuli-tərcümə ilə və heç bir üsul ilə əcnəbi dil öyrətmək yaramaz. Buna əqli-səlim ilə bərabər pedaqoji ki, fizioloji və psixoloji də bu yolda onun şöbələri hesab olunur, yol vermir. Məqaləsinin axırında Rəşid bəy əfəndinin əcnəbi dillərinə guya acığı tutub deyir: “Əcnəbi lisanları bizi təmiz batırdı, elmdən, mədəniyyətdən geri saldı...”. Amma Rəşid bəyin bu sözlərindən səmimiyyət qoxusu gəlmir, çünki Rəşid bəyin bir tərəfdən acığı tutur, digər tərəfdən də məqaləsinin başdan-aşağı qəliz və çox az istemal olunan ərəb və sair sözlərlə doldurub çətinləşdirir. Sonra yenə Rəşid bəy əfəndi “Üsuli-təbii” sərlövhəsi altında bir məqalə yazıb, bizim məktəblərimizin ki, onları məktəb adlandırmaq da günahdır, pisliyindən bəhs edir. Əcəba, bunun üsuli-təbiiyə nə dəxli vardır? Bu yol ilə üsuli-təbiinin yolunu bədnam eyləmək caizdirmi? Həmin məqaləsinin sərlövhəsini Rəşid bəy əfəndi “Köhnə məktəblərimiz” deyə yazsa idi, daha yaxşı olmazdımı? Xülasə, Rəşid bəy əfəndi məsələni qarışdırdı və böylə əhəmiyyətli məsələyə diqqət yetirmək istəyənləri də ehtimal, çaşdırdı. Meydani müzakirəyə qoyduğum məsələ Rəşid bəy əfəndinin “haşiyə”ləri arasında itməmək üçün keçən səfər yazdığımın xülasəsini burada zikrə məcburəm. Mən yazmışdım ki, bir neçə il bundan əvvəl, o zaman ki, hökumətin ruslaşdırma politikası hər yerə hökmfərman idi, hökumət üsuli-təbii tədrisini həmin politikaya alət edib, qeyri-rus məktəblərində rus dilinin həmin üsul ilə tədrisini məcbur etmişdi. Çünki hər kəsə və hökumətə dəxi məlumdur ki, tərcümə üsulu lazım olan qaydalarla icra edildiyi halda, bir o qədər öyrədilən dilin öyrənilməsinə kömək etmir. Nə qədər ki, ana dilinin daha dürüst, daha mükəmməl öyrənilməsini təmin edir. Madam ki, ana dilinin dürüst və mükəmməl surətdə öyrənilməsinə – rus dili vasitəsilə deyil, öz dilimiz vasitəsilə bir yol tapdıq, yəni ibtidai vəzarət məktəblərində əvvəlinci sənələr və öz milli məktəblərimizdə də bütün məktəb kursu ana dili tədrisinə müvəffəq olduq, o halda həmin məktəblərimizdə rus dili tədrisindən muradımız həmin dili öyrətmək isə, onu – mən deyirəm ki, – üsuli-təbii ilə tədris etməlidir. Burasını dəxi Rəşid bəy xatırından çıxartmasın ki, istər ibtidai milli, istər ibtidai vəzarət məktəblərində rus dili tazə dil açan uşaqlara deyil, ikinci şöbədən başlanıb 9-10 yaşında uşaqlara tədris olunur. Və bu dərsi həmin uşaqlara asan etmək və dərslərdən də məqsədlərimizə kömək edən faydalar almaq üçün üsuli-təbii tədrisini ixtiyar etməlidir. Çünki tərcümə çətindir, ağırdır və dil öyrətmək nöqteyi-nəzərincə də faydasızdır. Gələn səfər üsuli-tərcümə haqqında yazıb burasını da iqtidarım qədər isbatə çalışacağam. * * * Burada balaca bir müqəddəməyə ehtiyac vardır: məktəb, təlim, tədris və bu kimi məsələlərin qəzetə sütununda müzakirəsi halhazırımızda ən mühüm məsələlərdən biridir, desəm heç kəs etiraz etməz, zənn edirəm. Çünki hər kəsə məlumdur ki, bu gün bizim camaat maarifə olan ehtiyacını artıq anlayıbdır. Buna dəlil, məktəblərimizin gün-gündən artması və açılan məktəblərin də uşaqlar ilə dolmasıdır. Məktəb məsələsinə camaatımız böyük əhəmiyyət verməyə başlayıbdır. Zira, məktəbsizliyin zərər və ziyanını düşünüb də elm və biliyin hər bir barədə insan üçün xeyir və nəf olduğuna etiqad etməkdədirlər. İndi biz müəllimlərin də mənəvi borcu camaatımızın bu etiqadını bərkitmək və bu etiqadın da eyni həqiqət olduğunu onlara aşkar etməkdir. Camaatımız məktəbi elm və bilik yeri hesab edib də oradan haqlı olaraq xeyir-mənfəət gözləyir; o xeyir və mənfəət isə camaat balalarının məktəbdə təhsil edəcəkləri ülum və fünundan asılıdır və o ülum və fünununun da uşaqlara pis və yaxşı təlim və tədrisi müəllimlərin əlində olub onların əql və insaflarına bağlıdır. Əql və insaf isə elə məsuliyyətli və mühüm bir əmrdə iqtizahi-hal və zamana görə araya düşən müşkül məsələlərin müzakirə və həllini tələb edir. İndi haman məsələlərdən biri məktəblərimizdə rus dili təlimidir. Rus dilinin məktəblərimizdə oxunması lüzumu, məncə, həll edilmiş bir məsələdir. Bu barədə danışmaq artıqdır. Məsələ rus dilinin hansı üsul ilə tədris edilməsi xüsusundadır. Müəllim öz millətinə və millətin dilinə nə qədər aşiq olsa da, millət balaları üçün öyrənilməsi lazım olan əcnəbi bir dilin təlim və tərbiyəsində müqəddəs sənəti əmr etdiyi qəvaid və qəvanini tətbiq və icrayə məcburdur; çünki bu qəvaid və qəvaninə rayət olunmadığı halda, tək bir əcnəbi dilin təlimi naqis qalmır, bəlkə onunla bərabər uşaqların təlimi də naqis olub, dərslər düz yolundan çıxır. Müşkülat hasil olur. Bu isə, uşaqlara sui-təsir edir; uşaqlar məşhur təbir ilə korşalır və sair dərslərə dəxi ziyan vurulur. Balalarımız üçün öyrənilməsi lazım olan rus dilinin tərcümə üsulilə tədris edilməsi isə maarif işinə üç böyük zərər vurur: Əvvəla, rus dili öyrənilmir və saniyən, uşaqlar korşalır və salisən, ana dilimizə bir çox yalan, yanlış və dilimizə yaraşmayan təbirlər girib bu növlə öz ana dilimiz dəxi xarab olur. İndi öz sənətinə əhəmiyyət verən və öz ana dilini sevən müəllim baxsın görsün ki, bu məsələ nə qədər mühüm bir məsələdir. Bu məsələni mövqeyi-müzakirəyə qoymaqdan mənim məqsədim rus dilinin yaxşı öyrənilməsini axtarmaq deyil, nə qədər ki, öz ana dilimizin xarab olmasına ağlamaq və o xarabalığa qarşı bir əlac tapmaqdır. Lakin Rəşid bəy əfəndilər və ola bilsin ki, qeyriləri dəxi mənə deyirlər ki, rus dilinin tərcümə vasitəsilə tədris edilməsi maarif işinə heç bir ziyan vurmur, bəlkə dəxi də kömək edir. İndi mən də bu gün öz dediyimi isbata çalışacağam. Rəşid bəy əfəndi üsuli-təbiinin nədən ibarət olduğunu bildirmək üçün günlərin bir günü şagirdlər qabağında “yumurtlayan” bir müəllimi yanına salıb onun dərsini bizə tərif etdi. Bu səbəbdən də “Filankəs” dəxi üsuli-tərcümə ilə rus dərsi verən bir müəllimin dərsini bizə göstərdi. Lakin mən bu məsələdə tərəfgirlik etmək istəmirəm və çünki mənim aradığım həqiqətdən başqa özgə bir şey deyildir. Ona görə deyirəm ki, üsuli-təbii müəllimin “yumurtlamağından” ibarət olmadığı kimi, əsil üsuli-tərcümə dəxi “Filankəs” cənabları tərif etdiyi müəllimin dərsindən ibarət deyildir. Əsil üsuli-tərcümə tələb edir ki, əcnəbi bir lisan öyrədilən zaman nə öyrənilən dil və nə də öyrətməyə vasitə olan dil xarab edilməsin, yəni hər iki dilin sərf və nəhv qəvaidinə və hər bir xüsusiyyətinə rəyət olunsun. Məsələn, rusca deyilir ki, “uçenik sidit”, yəni “şagird oturubdur”; daha məsəl: “ptiçka sidit na dereve”. Bu cümlənin ləfzən mənası “Filankəs” cavabları yazdığı kimi belə olur: Ptiçka – quşcuğaz; sidit – oturubdur; na – üstündə; dereve – ağacın; daha doğrusu, ağacda. Daha bir misal: “Malçik sidit na loşadi” – ləfzən mənası: Malçik – uşaq; sidit – oturubdur; na – üstündə; loşadi – atın. Məlumdur ki, bizim dilimizdə “oturmaq” ləfzi yalnız insanların bardaş qurub və ya diz çöküb bir vəziyyət almasını bildirir. Quş isə bardaş qurmaz və diz də çökməz, binaən əleyh oturmaz; o səbəbdəndir dilimiz quş üçün “qonmaq” ləfzi icad edibdir. İnsanın qıçlarını atın belinə keçirib də, elə bir vəziyyət almasına da bizim dilimiz “minmək” adı qoyubdur. Amma rus dilində minməyə də, qonmağa da və oturmağa da “sidet” deyilir ki, bunun əsil mənası bizim dilcə oturmaqdır. Buna görə də, quş ağacın üstündə oturubdur, demək, türk dilinin səhhəti nöqteyi-nəzərincə səhvdir. Uşaq atın üstündə oturubdur və yaxud: Kərbəlayı Səlim atın üstündə oturubdur, demək dəxi türkcə deyildir. Bu səbəbə görə də əsil üsuli-tərcümə ilə dərs verən müəllim uşaqlara əxtar etməlidir ki, əvvəlki mətləbi türkcə: quş ağaca qonubdur və ikincisini də, uşaq ata minibdir və “uçenik sidit” cümləsini də şagird oturubdur – deyə tərcümə etməlidir. Daha bir-iki misal: Rusca deyilir: “Mı stali çitat kniqu”. Bunun ləfzən mənası belədir: Biz durduq oxumaq kitabı. Bu sözlərin ləfzən mənasını öyrətməklə bərabər türkcə nə tövr demək lazım olduğunu da uşaqlara öyrətməlidir, yəni “Biz durduq kitab oxumağa”, yaxud “Biz kitab oxumağa başladıq”. Söz yoxdur ki, rusca bir çox cümlələr də vardır ki, onların tərcüməsi lap başqadır. Lakin mən onları axtarıb yazmağı daha lazım bilmirəm. Burası hər bir müəllimə məlum və aşikardır. Mənim burada zikr etdiklərim ən adi və asanlardır ki, mən qəsdən onları götürmüşəm. Qərəz, əsil tərcümə üsuli, uşaq anlamaq cəhətincə o nəhvilədir! İndi baxaq görək bu üsulun yamanlığı və yaxşılığı nədir? Biz görürük ki, bu gunə üsuli tədrisdə uşağın qulağı bir dənə rus sözü eşidirsə, on dənə öz dilinin sözünü eşidir. Zatən bu üsul ilə uşaq rus dili deyil, öz dilini öyrənir, bilir ki, məsələn, türkcə “quş ağacda oturubdur” – demək olmaz və sairə. Öyrənilən çətin dil isə, uşağın nəzərində bir o qədər əhəmiyyət qazanmır! Bu üsul ilə uşaq öyrənilən dilin iki kəlməsini bir-birinə yanaşdırıb, ən asan bir cümlə də tərtib etməyə qadir olmaz. Çünki öz dilinin rus dilindən nə qədər fərqli olduğunu düşündükdən sonra əli, ayağı boşalar. Uşağa deyirsən ki, “on ne mojet çitat” və sonra ləfzən tərcümə edirsən. On – o; ne mojet – bacarmır; çitat – oxumaq. Və sonra deyirsən ki, bu kəlməni türkcə nə tövr deməlidir? Uşaq cavab verir ki, o oxumaq bacarmayır. Halbuki bunun mənası belə deyildir, çünki o oxumaq bacarmayır, yəni o tamam bisavaddır və halon ki, “on ne mojet çitat”– “o oxuya bilmir” mənasındadır. Pedaqogika nöqteyi-nəzərincə bu üsuli tədris naməqbul bir üsuldur. Çünki uşağa bir zamanda əcnəbi bir dili öyrədib, öz ana dilinin də filasofiyasının təlim etmək yaramaz. Uşaq çaşar, karıxar, korlaşar. Bundan başqa, pedaqogika və didaktika tələb edir ki, dərs əsnasında uşaq dərsdə ciddi surətdə iştirak etsin (aktivnoe uçastie), yəni uşağın həm əqli işləsin və həm də hissiyyatı nəşvi-nüma etsin, uşaq fəaliyyət göstərsin, uşaqda iqtidar əmələ gəlsin (samostoətelğnostğ), dərs uşağı həvəsə gətirsin, onun üçün şirin görünsün, elə olmasın ki, uşaq dinməz-söyləməz oturub müəllimin qulaq taqqıldadan ya yuxu gətirən, ya əsnətdirən sözlərinə qulaq asmaqdan başqa heç bir həvəs, şövq, fəaliyyət, ciddiyyət göstərməsin (passivnoe uçastie) və axırda da hər bir həvəsdən düşüb dərsdən zəhləsi getsin. Halbuki üsuli tərcümədə uşağın təlim və təəllüm işində heç bir ciddi iştirakı olmayır, müəllim uşağa deyir ki, “Uçenik çitaet kniqu”, mənası: “Şagird oxuyur kitabı” – yəni (türkcəsi) – şagird kitab oxuyur. Deməli, müəllim dərsi halva qayırıb qoyur uşağın ağzına, uşaq da udur. Onun iştirakı ancaq halva alıb-udmaqdır. Halbuki şagird özü tikəni çeynəyib halva halına salmalı və sonra udmalıdır. Sən uşağa “uçenik”in mənasını şagird və yaxud şagirdin mənası “uçenik” olduğunu özün demə, sən dərsi elə bir yola sal ki, uşaq özü “uçenik”in şagird olduğunu kəşf etsin. “Çitayet”in – oxuyur mənasına olduğunu dəxi uşaq özü kəşf etsin. Kəşf etsin ki, əqli, xəyali, dərrakəsi tərbiyə tapsın və bu kəşfiyyatından dolayı uşaq özündə iqtidar hiss etsin. Dərsə qalib gəldiyini duysun ki, şövqühəvəsi dəxi artsın; yoxsa, sən uşağa, “ya” – mən; “idu” – gedirəm dedikdə, uşağa nə tərbiyə verərsən? Uşağın aciz olduğunu bildirib evini yıxarsan. Tərcümə üsulunun bir yaxşı tərəfi var ki, bu üsul vasitəsilə uşaq öz dilini daha yaxşı öyrənir, lakin rus dərsi deməkdən bizim məqsədimiz, hansı dili öyrətməkdir? Və bir də tərcümə üsulunun haman o yaxşı tərəfi eyni zamanda çox qorxulu bir tərəfdir. Çünki əsil tərcümə üsulilə dərs demək üçün müəllim öz ana dilini, o dilin qəvaidi sərfiyə və nəhviyyəsini və dilin hər bir xüsusiyyətini mükəmməl bir surətdə bilməlidir. Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi? Biz yazıqlar hankı məktəbdə öz dilimizi oxumuşuq? Mən müəllimin, ana dilində yazılmış olan bu məqaləsi dil cəhətincə başdan-ayağa fahşxəta və səhvlər ilə dolu deyilmi? Biz müəllimlərin yüzdə doxsanı tərcümə üsulilə dərs verdikdə, “Filankəs”in yazdığı kimi dərs vermirlərmi? Və dilimizin içinə cürbəcür yanlış sözlər qatıb ana dilimizi xarab etmirlərmi? * * * Müəllim Əli cənablarına Əfəndim, məqalələrinizdə başdan-ayağa qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə “üsuli-təbii”nin əcnəbi bir dili öyrənmək üçün “ən təbii və ən asanraq olduğunu” özünüz iqrar edirsiniz. Sonra “üsulitəbii”ni pisləyib məktəblərimizdə (öz təcrübəniz göstərdiyi üzrə) yaramaz olduğunu isbata çalışırsıniz. Axırda da hər iki üsulun tətbiqini müəllimin özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzkar – məalində sözlər deyib ən başda özünüz “əhəmm” adlandırdığınız məsələnin üstünü örtmək istəyirsiniz. Görünür ki, məqalənin axırını yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdən çıxardırsınız. Bədə əz cümlə yazırsınız ki, “üsuli-təbii” o halda yarar ki, uşaq öyrəndiyi dildən başqa özgə dil öyrənməsin. Xeyr! Üsuli-təbii hər yerdə və hər halda yarar. Ancaq bəzi halda verəcək olduğu səmərin tez bir zamanda verər, bəzi halda da həmin səməri gec zamanda verər. Məsələn, mən yapon dilini üsuli-təbii ilə Bakı şəhərində 2-3 il ərzində öyrənərsəm, həmin dili həmin üsul ilə Yaponiyanın özündə 5-6 aya qədər öyrənərəm. Əcəba, bu iş bunu isbat edirmi ki, həmin yapon dilini mən tərcümə üsulilə 2-3 il ərzində, məsələn, bir il və ya il yarımda öyrənərəm, elə olan surətdə bəs nə üçün 7-8 il fars və ərəbcə tərcümə üsulilə dərs alan tələbələr, ən asan bir cümləni fars və ərəbcə söyləmək üçün dörd saat hıqqanırlar?! Buyurursuz ki, uşaq əcnəbi dilindən üsuli-təbii vasitəsilə öyrənmiş birinci sözü dörd tərəfdən əsən bu yellərin (yəni ana dilinin) qabağında xatırını saxlaya bilərmi? Rəfiqim, sizin bu sözləriniz üsulitərcüməni müdafiə deyildir. Bəlkə həmin üsuli-təbii vasitəsilə öyrənilmiş sözləri xatirində saxlaya bilməzsə üsuli-tərcümə ilə tədris edilmiş sözləri bilkülliyə unudar. Səbəbini qabaqda ərz etmişəm, görünür ki, elə mühüm yerlərə diqqət yetirmək istəməyibsiniz. Təkrar ərz edirəm, ancaq əvvəlcə bu bir-iki sözü deyirəm ki, həqiqət aranılan yerdə ifrat lazım deyildir. Siz baltanı dibindən vurursunuz, sizin o sözlərinizdən bu çıxır ki, heç dil öyrənmək lazım deyildir. Çünki dörd tərəfdən əsən yellər (ana dili) mümaniət göstərirmiş. Bu isə müqair həqiqətdir. Allah-taala insanı o qədər zəif yaratmayıbdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki beş-altı dil bilən adamlar çoxdur. Mən özüm və mən ilə bərabər 20-yə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürcü məktəbində gündə üç saat rus dili öyrənib də başqa zamanları öz evlərində ana dilinin seyli içində keçirən gürcü uşaqlarına üsuli-təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə edəcək qədər rusca danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmərə verdiyindən dolayı şad və xoşhal olduq. Və yenə mən Bibiheybət məktəbində ləzgi uşaqlarına türk dilini üsuli-təbii ilə tədris edib, uşaqların bir sənədə türkcə danışdıqlarını görüb şad olmuşam və yenə həmin məktəbdə türk uşaqlarına iki il tərcümə üsulilə rus dərsi verib, şagirdlərimin bu iki il ərzində iki kəlmə rus sözünü bir-birinə yaraşdırıb deyə bilmədiklərini görüb məyus və mükəddər olmuşam. Deyəcəksiniz ki, ehtimal mən pis dərs vermişəm! Bilmirəm! Hər halda mən çox çalışmışam və ana dilinin də rus dilinin tərcüməsi təsirilə xarab edilməməsinə artıq səy etmişəm. Yuxarıdakı mətləbə qayıdaq! Siz iddia edirsiniz ki, üsuli-təbii ilə tədris olunan sözlərin mənasını uşaqlar yaxşı anlamazlarmış. Halbuki üsuli-təbiiyəyə ətraflıca bələd olan müəllimə böylə sözlər yaraşmaz. Əfəndim, bilmirsinizmi ki, üsuli-təbii ilə tədris olunan əcnəbi sözlər uşaqların zehnində daha bərk yer tutur, nəinki tərcümə edilmiş kəlmələr. Çünki üsuli-təbii ilə öyrədilən kəlmələrin mənasını uşaqlar özləri tapıb həmin sözlərin nə ifadə etdiyini və ana dillərində nəyin müqabil olduğunu şagirdlər özləri kəşf edirlər. Və burası da sizə məlum olmalıdır ki, bir şey kəşf edilən surətdə daha yaxşı yadda qalar. O səbəbdəndir ki, əfəndim, didaktika tələb edir ki, bir qaydanı (məsələn, hesabdan, sərf-nəhvdən və hər nədən olursa olsun) – uşaqlara tədris edən zaman əvvəlcə qaydanı uşaqlara deməməlidir. Ancaq dərsi elə bir yola salmalıdır ki, şagirdlər özləri həmin qaydanı kəşf etsinlər. Çünki o surətdə qaydanın əzbərlənməsi şagirdlər üçün asan olar. Zira özləri kəşf etmişlər və saniyən bu kəşf etmək yolunda şagirdlərin əqli, dərrakəsi, zehni tərbiyə tapıb, getdikcə kəsb qüvvət edər (didaktikada və ümum pedaqogikada “analiz”, “sintez”, “deduksiya” və “induksiya” bəhslərinə təkrar müraciət etməniz tövsiyə deyil, rica olunur). Məsələ aydındır, məsələn, ya siju cümləsinin mənasını müəllim desəmi uşağın yadında bərk qalar, yoxsa uşaq özü onun mənasını kəşf etsə?! Və bir də əfəndim, siz mənə bir irad tutubsunuz ki, bu iradı əvvəllərdə student Mir Hidayət cənabları tutmuşdu, lakin Mir Hidayət cənablarının öylə bir irada haqqı vardı. Çünki o kişi pedaqoq olmadığını özü təsdiq edir. Lakin sizin öylə bir irada haqqınız yoxdur. Əfəndim mən bu qədər yazdığım məqalələrimdə nə tərcümə üsulilə, nə də üsuli-təbii ilə verilən dərslərin nümunəsini yazmadım və yazmağı da lazım bilmədim. Çünki əvvəla, mənim muradım yalnız müəllim arkadaşlar ilə söhbətdir. Müəllim yoldaşlarım isə hər iki üsulu ehtimal bilirlər və zatən bilməyə də məcburdurlar və saniyən qəzetə sütununda “konspekt”lər çap edə bilmirəm. Mən ancaq tərcümə üsulunda uşağın passiv rolda və üsuli-təbiidə həmin uşağın aktiv rolda olduğunu göstərməyə çalışmışam. Binaən əleyh (loşad bejit) sözlərinin üsuli-təbii ilə tədrisini göstərdikdə, mənim muradım şagirdlərin nə tövr ciddi surətdə dərsdə iştirakını və sözün mənasını kəşf etdiklərini göstərmək idi. Binaən əleyh (toje), (eto), (çelovek), (sobaka) və i. a. sözlərinin tədrisini göstərməyə heç ehtiyac yox idi. Siz buyurursunuz ki... “lakin bunların mənalarını Üzeyir onlara nasıl öyrədib, yazmayıbdır?” Xub, mən sizdən sual edirəm: əgər mən onların da tədrisini yazsaydım, o halda siz məndən (ya), (iqrayu), (çitayu), (spit), (spal) xülasə bütün rus kəlmələrini nasıl tədris edilməsi lazım olduğunu məndən sual etməyə haqqınız olmazdımı? Əlbəttə, olardı! Lakin mənim həmin sirlərin qəzetə vasitəsilə tədrisini göstərməyə iqtidarım olarmı? Fərz edəlim olar, fəqət bircə siz mənə deyin görüm: bu sözlərin, yəni bilkülliyə bütün sözlərin üsuli-təbii ilə nasıl tədris edilməsi lazım gəldiyini məndən neçin sorursunuz? Görünür ki, ya siz özünüz bilmirsiniz, yaxud məni imtahana çəkmək istəyirsiniz. Bu iki şeydən xali deyildir. Əgər məni imtahana çəkmək istəyirsinizsə, o halda deməli siz üsuli-təbiini qəbul edibsiniz, ancaq iş ondadır ki, görək Üzeyir də bu üsulu bilirmi. Lakin bu deyil, çünki siz üsuli-təbii tərəfdarı deyilsiniz. Onda görünür ki, sizin üsuli-təbiidən bilkülliyə xəbəriz yoxdur. Çünki fovqüllzikr sözlərin üsuli-təbii ilə nə tövr tədris edilməsi lazım gəldiyini bilmirsiniz ki, məndən soruşursunuz! Bəs, bir halda ki, sizin üsuli-təbiidən xəbəriniz yoxdur, bəs nə əsas və nə insaf ilə meydana çıxıb üsuli-təbii bizlərdə yaramaz deyirsiniz?! Yəni ətraflıca bilmədiyiniz bir şeyi nə tövr tənqid edə bilərsiniz? Gələk üsuli-tərcüməyə. Əfəndim, üsuli-tərcümə ilə dərs vermək üçün hər iki dili mükəmməl surətdə bilmək lazımdır. Dilin birini yaxşı bilib, o birini pis bilərsənsə, dərslərindən heç zad çıxmaz və ancaq bilmədiyin dili xarab edərsən. Keçən səfər mən bu barədə müfəssəl yazmışdım. Əbəs yerə siz diqqət yetirməyibsiniz. Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimizi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar; bədbəxtlik burasındadır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. Sizin həmin bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlcə rusca fikir edib, sonra həmin fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız; o səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram. Məsələn, yazırsınız: “Unutmamalı ki, yoldaşımız... şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir...”. Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax ruscasını yazım, bir-birinə tutuşduraq: “Ne nujno zabıvatğ, çto tovarih... gtu skazku po russki prepodaet tem uçenikam, kotorıe ne znaöt znaçenie ni odnoqo slova...”. Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində “hansı ki”, “hansılar ki” sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulilə dərs verən müəllimlər, rusun “kotorıy” kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar; onun istemalı lüzumsuz bir ağırlıqdır. Haman mətləbi bu cürə demək olardı: diqqət yetirməli; Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər. Digər bir yerdə yazırsınız: “Mən bu əqidədəyəm ki, əgər bu halətin birindən çıxmaq tərcümə üsuli ilə asanlıq olar. Diqqət yetirməli: “bu halətin birindən çıxmaq”, yəni “vıyti iz gtoqo polojeniə”. Bəli, yoldaşım, müəllim Əli, sizin və mənim məqalələrimiz tərcümə üsulilə verdiyimiz dərslərin nümunələridir ki, rusca “kotorıy” sözü düşəndə “hansı ki” və “vıyti iz gtoqo polojeniə” kimi sözləri də “o halətdən çıxmaq kimi” ümumi türk dilinə və bizim avamların dilinə də müqayir sözlərlə tərcümə edib dilimizi puç və xarab edirik. Canım! Həqiqəti inkar etmək nəyə lazım? İndiki müəllimlərin tərcümə üsulilə dərs verməsi bir tərəfdən dilimizi xarab edir, digər tərəfdən uşağa ruscanı öyrətmir. Öylə isə, hər iki dili öz-özlüyündə ayrıca olaraq üsuli-təbii ilə öyrətmək yaxşı deyilmi? Vallah, bizim bugünkü dilsizliyimizə, ədəbiyyatsızlığımıza bir tərəfdən fars və digər tərəfdən də rus dillərinin tərcümə vasitəsilə aramızda tədris edilmələri səbəb olubdu. Və bir də, əfəndim, mənim məqaləmi tənqid edərək, bir yerində mötərizə içində olaraq deyirsiniz ki: “Bu sözlərdən özgə bir iy gəlir”. Sizdən təvəqqəm budur ki, bir də mənim məqaləmi iynəməyəsiniz, əfəndim! * * * Ordan-burdan 33 Üsuli-tərcümə Müəllim (şagirdə) – Qulaq as görüm, rusca dərs deyirəm: kniqa – kitab; lejit – uzanıbdır; na – üstündə; stole – stolun; nişiy – dilənçi; brodit – ora-bura dolanır; pod – altında; oknami – pəncərələrin; i – və; prosit – təvəqqe eyləyir; milostınyu – dilənçi payı. Ptiçka – quşcığaz; sidit – oturubdur; na – üstündə; dereve – ağacın; sobaka – it; laet – hürür; na – üstünə; nişeqo – dilənçinin. Ded – baba; edet – bir şeyə minib gedir; v – içinə; qorod – şəhərin. Ha, de oxu görüm. Ş a g i r d – Kniqa – kitab; lejit... Mirzə qoy yadıma salım, lejit – durubdur... M ü ə l l i m – Yox, əgər dursa idi, onda gərək bu cürə dik dura idi. Ş a g i r d – Lejit, mirzə, yatıbdır... yox, yıxılıbdır... yox, belə zad eləyibdir. Mirzə, yəni kitabı istolun üstünə qoyubdur. M ü ə l l i m – Yox, bilmədin. Lejit, yəni uzanıbdır. Ş a g i r d – Mirzə, yəni uzunmu olubdur? M ü ə l l i m – Adə yox, uzanıbdır. Sən yatanda uzanmırsan? Kitab da o cürə uzanıbdır. Ş a g i r d – Mirzə, kitab da uzanarmı? Müəllim – Ta çox fizülluq eyləmə! Sənə deyirlər uzanıbdır – deyinən ki, bəli uzanıbdır. Dalını oxu. Ş a g i r d – Nişi – dilənçi; brodit – hərlənir... M ü ə l l i m – Yox, ora-bura dolanır. Ş a g i r d – Brodit – ora-bura dolanır. Pod... pod... Mirzə, pod... dibində. M ü ə l l i m – Yox, altında! Ş a g i r d – Altında, oknami – pəncərələrin. Mirzə, pəncərənin altında ora-bura dolanmaq olarmı? M ü ə l l i m – Rusca olar, oxu! Ş a g i r d – İ – və; prosit – dilənir... M ü ə l l i m – Yox, təvəqqe eyləyir. Ş a g i r d – Mirzə, təvəqqe eyləyir nədir? Müəllim – Təvəqqe eyləyir, yəni... zad eyləyir, yalvara-yalvara istəyir. Ş a g i r d – Prosit – yalvara-yalvara istəyir, milostınyu – dilənçi payı. M ü ə l l i m – Dalını oxu. Ş a g i r d – Ptiçka – quşcuğaz, sidit, qoy deyim, sidit – qonubdur. M ü ə l l i m – Yox, oturubdur. Ş a g i r d – Mirzə... M ü ə l l i m – Səsini kəs, hər nə deyirlər ona qulaq as (Şagird ürəyində: görəsən quş diz üstə oturubdur, yoxsa bardaşqurma?). Şagird – Sidit – oturubdur, na – üstündə, dereve – ağacın; sobaka – it; layet – hürür, na – üstünə, nişeqo – dilənçinin (ürəyində: görünür ki, dilənçinin üstü çox cındır imiş). Ded – baba; yedet-yedet... yedet... Mirzə, yedet içinə? M ü ə l l i m – Yox, bir şeyə minib gedir. Ş a g i r d – Mirzə, bir şey nədir? M ü ə l l i m – Necə bir şey nədir? Məsələn, araba. Ş a g i r d – Yedet – bir şey arabasına minib gedir. M ü ə l l i m – Yox, adə, bir şey araba deyil, at da ola bilər, eşşək də ola bilər, maşın da ola bilər. Ş a g i r d l ə r – Yedet – ata, ya eşşəyə, ya maşına. M ü ə l l i m – Ya qatıra, ya dəvəyə. Ş a g i r d – Ya qatıra, ya dəvəyə. M ü ə l l i m – Ya öküzə, ya itə və hətta adama. Ş a g i r d – Ya öküzə, ya itə və hətta adama. Mirzə, məsələn, uşaq anasının qucağına minib gedir, yəni uşaq yedet. M ü ə l l i m – Səfeh söz danışma. Ş a g i r d – Minib gedir. V – Mirzə, v nədir? M ü ə l l i m – V – içinə. Ş a g i r d – V – içinə, qorod – şəhərin. M ü ə l l i m – Bir də başdan oxu. Ş a g i r d – Mirzə, vallah yoruldum. Şagird (evə gedə-gedə yolda hava ilə oxuyur): V – içinə, na – üstünə. * * * Ordan-burdan 34 S u a l – Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü yerli dibli olmaya? C a v a b – Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin “cəmiyyəti xeyriyyələri”nin adları var, amma özlərindən heç bir əsər yoxdur. * * * S u a l – Həsənqulu, nə qayırırsan? C a v a b – Dəstəmaz alıram! S u a l – Nədən ötrü? C a v a b – Dünən əllərimlə bir müsəlmanın başını kəsmişdim, indi Ağdaş vaizi Molla Səməd əfəndinin sözlərinə əməl edib, dəstəmaz alıram ki, əllərimin günahı rəf olsun! * * * Bir əcnəbi (kamal təəccüblə) – Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cah-cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz? M ü s ə l m a n – Bu ölən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir! Ə c n ə b i – Bəs nədən vəfat edib? M ü s ə l m a n – Deyirlər ki, acından... * * * S u a l – Nədən ötrü müsəlmanlar bir bu qədər cəmiyyətlər düzəldirlər? C a v a b – Ondan ötrü ki, axırda “cəmiyyətin” adamları bir-birilə savaşsınlar. S u a l – Yaxşı, məgər ayrı yerdə “cəmiyyətsiz” savaşmaq olmazmı? C a v a b – Olar, ancaq “cəmiyyət” içində savaşanların hər biri “həqq, həqqaniyyət” və “millət” adına savaşıb, öz şəxsi düşmənçiliyini pərdələməyə yol tapırlar. * * * S u a l – O kimdir ki, yazıq camaatın alın tərilə, əl zəhmətilə hüsulə gəlmiş bütün rizq və ruzisini öz altına qoyub, nərildəyə-nərildəyə, guruldaya-guruldaya, xurduxaş eyləyir və özü də heç doydum deməyir, camaat da gendən durub tamaşa edir və yaxın durmağa qorxur? İndi deyirsiniz ki, Məhəmmədəli şah və ya İran xanları! Xeyr!.. Dəyirman daşı... * * * S u a l – Hacı Səfər, nə üçün bidamaqsan? C a v a b – Balam, üstümə kağız gəldi ki, gərək 3 gündən sonra 5 min manat pul verəm. S u a l – Paho, görünür ki, anarxistlər yazıblar! C a v a b – Xeyr, kağız bankdan gəlibdir. * * * Şamaxı yolundakı müsəlman gecə kurslarının müəllimlərindən birisi mənə rast gəldi, gördüm binəvanın əhvalı çox pəjmürdədir. Soruşdum ki, nə olubdur? Dedi: – Başım da ağrayır, belim də! Dedim: – Bəs səbəb nədir? Dedi: – Başımın ağramağına səbəb odur ki, başımda olan biliyi çıxardıb gecə kurslarının mütəəllimlərinə verdim. Belimin də ağrımağının səbəbi odur ki, oradaca paltonumu da çıxardıb, vallah mən heç kəsə vermədim, amma hər kəssə, görünür ki, başımdakı biliklə bərabər əynimdəki paltonu da istəyirmiş. Ona görə də hər ikisini də aparıbdır. Dedim: – Zərər yoxdur, biz müəllimlər nəşr-maarif yolunda elm və biliyimizdən başqa, hərdənbir paltomuzu sərf etməliyik. * * * Ordan-burdan 35 Təəssüflər olsun Hərgah millətlərin tərəqqisini, yəni qabağa getməsini əvvəlcə bilən bir ölçü olsa idi və o ölçü ilə biz müsəlman millətinin qabağa getməsi ölçülsə idi, onda məlum olardı ki, biz bir addım qabağa, iki addım dala, dörd addım qabağa, üç addım dala, iki addım dala, beş addım qabağa eyləyə-eyləyə qabağa gedirik. Bir kəlmə, bir tazə yerimək öyrənən uşağa oxşayırıq ki, bir addım atıb sonra yıxılır, durub bir addım daha atır, amma ayaqları bir-birinə dolaşıb yenə yıxılır, yenə durur, addım atır, bədəni ağırlıq edib yıxılır, durur və i.a. Uşağın bu cürə yıxıla-dura getməsinə səbəb nədir? Məlumdur ki, onu yeridən əzaların cismani qüvvətsizliyidir. Yaxşı, bəs bizim bu cürə: bir dala, bir qabağa addım atıb yıxıladura “qabağa getməyimizin” səbəbi nədir? Onun da səbəbi bizi qabağa aparan əzaların, yəni iş başında duranlarımızın qüvvətsizliyidir. Amma bizim əzalarımızın qüvvətsizliyi cismani qüvvətsizlik deyildir. Yəni əzalarımız çolaq, şil və şikəst deyildirlər. Onların qüvvətsizliyi mənəvi qüvvətsizlikdir! Mənəvidə qüvvətsizlik budur: Səmimiyyət-yəni cani-dildən işə girişməklik yox, fəaliyyət, yəni oyaq və ciddi, cəhd ilə iş görmək yox, hamısından bədtər mətanəti qəlb, yəni cürət, ürəklilik yox, şövq yox, arzu yox... Vallah mən bilmirəm ki, bu əzalarımız öz xüsusi işlərindən nə törədirlər. Amma onu bilirəm ki, millət işinə qalanda, bunlar mənəvi qüvvətsizdirlər ki, rusca buna besxarakternost deyirlər. Türkcəsinin dürüstlüyünü bilmirəm. Burada da bizim əzalarımızı balaca uşaqlara oxşatmaq olar. Görürsən ki, bir balaca uşaq anasının qucağından yerə düşüb bir qədər gedir, birdən qabağında bir pişik görüb, tez qayıdıb qaçır anasının qucağına, sonra düşüb bir də gedir. Bu səfər də bir ayrı şeydən, məsələn, öz kölgəsindən qorxub yenə qaçır anasının qucağına. Bizim əzalarımız da öhdələrinə götürdükləri bir işi o qədər aparırlar ki, nə qədər bu iş özbaşına gedə bilər; amma elə ki, işin qabağına bir balaca əngəl çıxır və burada işi aparmaq üçün əngəli itələmək lazım gəlir, o halda əzalarımızın əli-ayağı boşalıb, işdən əl götürməyi məsləhət bilirlər. İş dəxi “ördək, balıq və xərçəng”in çəkdikləri araba kimi hamanca yerində qalır. Bu bir! İkinciyə qalan yerdə, bizim bir dərdimiz də budur ki, bəzi adamlarımız elə bir işin dalınca gedirlər ki, o işin nədən ibarət olduğunu özləri də bilmirlər və bina-ənəleyh gördükləri işdən də heç bir səmərə hasil olmur. “Ördək, balıq və xərçəng” hekayətini yazan rus ədibi Krılov bir ayrı hekayəsinin başında bu sözləri yazır: “Əgər başmaqçı durub bulka çörəyi bişirə və bulkaçı da başlayıb başmaq tikə, bu cürə işdən əziyyətdən başqa heç zad çıxmaz”. Bizim “bulka çörəyi” bişirmək istəyən “başmaqçılarımızın” və “başmaq” tikmək istəyən “bulkaçılarımızın” əsil məqsədinə baxsan, doğrudan da “bulka” bişirmək və “başmaq” tikmək deyil. Bəs nədir? Bəli!.. Yuxarıda zikr elədiyim Krılov cənabları belə bir hekayə yazıbdır: Günlərin bir günü ayı, meymun, keçi və bir də eşşək bir musiqi məclisi düzəltmək istəyiblər. Biri əlinə tar, biri saz, biri zurna və biri dəf alıb başlayıblar çalmağa. Amma görüblər ki, səs-küydən başqa heç zad çıxmayır və çaldıqları havacat heç kəsin sümüyünə düşmür. Deyiblər ki, yəqin pis oturmuşuq, gəlin yerimizi dəyişək. Durub yerlərini dəyişiblər, çifayda, çaldıqlarından yenə heç bir zad çıxmayıbdır. Görüblər ki, bir bülbül uçur, haman dəm durub bülbülə yalvarıbdırlar ki, ay bülbül, sən Allah, bir bizi başa sal görək nə tövr oturaq ki, bizim çaldığımızdan bir şey çıxsın. Bülbül də gülüb deyibdir ki, canım, siz musiqişünas deyilsiniz. Binaən əleyh nə tövr otursanız, lap mil dursanız, çaldığınızdan heç zad çıxmaz. Əlbəttə, çox yaxşı olardı ki, bizim də “haman adamlarımız” bir iş görən bülbülü gördükdə ona məsləhət edəydilər. Lakin heyhat!.. Çünki bizim haman adamlarımızın məqsədi iş görmək olmayıb, özlərini göstərməkdir. Ona görə də iş bilən bülbülü gördükdə hoy-hoy salıb, daş atırlar ki, bülbül qaçsın. İş bilən “bülbül”ümüzdə də o cürət, o ürək yoxdur ki, bunların hərəsinin başına bir qapaz salıb deyə: “Durun belə! O yazıq camaatı “damaq” eləməyin!”. Odur ki, deyiblər: bülbülümüzdə həvəs yox, qarğamızda səs. * * * Ordan-burdan 36 Müxtəlif qəzetələrimiz Əgər əhalimizdən hər sinfin özünəməxsus bir qəzetəsi olsa idi, onda onların hərəsinin məzmunu bu yolda olardı ki, ərz olunur: Ruhanilər qəzetəsi Teleqraf – Tehran – Ağayi-əcəlli-əkrəm, balacah,...da ati təyidatühüm, bugünkü günlərin şərəfli-şərəfli günlərindən bir günüdür və o günün şərafəti barəsində əazimi şüərayi islamdan çox kimsələr gözəl qəsidələr inşad buyurubdurlar. Balai-mənbərə süud buyurub müsəlmanlığın əvvəliminci əlamətlərindən olan saqqala nə vədə həna yaxmaq və nə miqdarda rəng sürtmək keyfiyyətini tamam hüzzarə fəsih və bəliğ bir zəban ilə təbliğ buyurdular və tamam hazıruni feyziyab etdilər. Məqalə – O vaxtdan ki Allah-taala insanı yaratdı, insan cəmi məxluqatın əfzəli oldu, məsələn, əgər sizin içinizdən birisini götürüb at, eşşək, qoyun, xoruz və sair bu kimi heyvanlar ilə bərabər tutsaq, yəni tərazuyi-mənəvi ilə çəksək və adamı tərazu daşı məqamində qoyub cəmi heyvanatı da o biri gözə sığışdıra bilsək, onda görərik ki, həmin insan onların hamısından ağır gəldi. Yəni ağır gəldi, nəinki bu mənada ki, insanın cismi dəmirdən yaranıb ağır çəkir; xeyr, bəlkə əqli, zəkavət, bəlağət, fəsahət, həmaqət, kəmalət cəhətincə insan sair məxluqatdan artıqdır və o səbəbdəndir ki, dünya yaranandan bəridir ki, o vaxtdan 70 min il keçib və bundan sonra da 77 min il keçəcəkdir. Heç yerdə və heç bir vilayətdə görünməyib ki, bir at və ya bir eşşək insanı yəhərləyib onun üstünə minsin. Bəlkə hər yerdə və hər zamanda insan at ilə eşşəyin üstünə minibdir. Bəs belə olan surətdə, o kəsləri ki, deyirlər insana elm lazımdır, nə üçün bu boş sözlərlə insanı zəlalətə salırlar? Halbuki insan oxusun-oxumasın cümlə məxluqatın əfzəlidir və qeyri əzin əlavə, əgər bütün insanlar elm dalısına düşüb biz həqirlər kimi elm yolunda 30-40 il sərf etsələr, aya o surətdə kim bizim üçün hamballıq eylər. Kim bizim üçün başmaq tikər, kim bizim üçün xörək hazır edər? Heç kim! Çünki hamı deyir ki, mən mollayam, axundam və hamı molla və axund olan surətdə “mən ağa, sən ağa, bəs inəkləri kim sağa?” məsəli-məşhuri üz verib dünya bərbad olar. İntellegentlər qəzetəsi Teleqraf – Peterburq – İntellegentlər klubunda klub çlenlərinin birisi ikicə saatın prodoljeniyasında iyirmi üç min səkkiz yüz doxsan dörd manat pul vıqrat eyləyib, gecə poyezdilə Amerikaya otpravitsə oldu. O pulu proiqrat eləyən əvvəlcə istəyib zastrelitsə olsun, amma sonra istəməyibdir. İstatya – Ay bizim bu müsəlmanlar qanmazdırlar ha! Çesnislovo, adam ruslar yanında az qalır ki, utandığından yerə girsin. Birdən sluçay olur ki, bir rus kavaleri və ya bir rus damasilə qulyaniyaya çıxırsan, bir də görürsən ki, qabağına bir adam çıxdı: başı qırxıq, saqqal qırmızı, əl hənalı, ayağındakı başmaqlarının da taqqıltısı bir verstdən eşidilir. Gəlib sənin yanından keçdiyi bəs deyil, hələ arsızlığına salıb onların yanında sənə bir salam da verir. Az qalır ki, dişin bağırsağını kəssin. Bununla belə də bəzi liberallar çıxıb deyirlər ki, bizə şkol lazımdır. Daha onu başa düşə bilmirlər ki, bu müsəlmanlar bir bədbəxt tayfadır ki, Allah həmişə bunları başı qapazlı yaradıbdır, çünki ona da layiqdirlər. Əşi... Nə deyim, vallah! Allah insaf versin Əhməd bəy Ağayevə ki, Peterburqda belə gedib gəzməklə, adam görməklə, qəzetə yazmaqla qoymadı ki, bu qanmaz tayfanı hökumət “vıselit” eləsin “k çortu”! Nahaq yerə başımıza ovaldırlar!.. Əsnaf qəzetəsi Teleqram – İsfahan – Burada bir seyid zühur edib, bir ocaq açıb və bir ziyarətgah qayırıb, arvad-uşaq hamısı başaçıq, ayaqyalın onun hüzuruna gedib nəzir verirlər. İki nəfər məlun bu qurban olduğuma şəkk gətirdikləri üçün, birinin gözü kor oldu, o biri də ayaq üstə qurudu. Məqalə – Din əldən getdi, müsəlmanlıq məhv oldu, islam puça çıxdı, iman süst oldu. Cavanlarımız üzlərini qırxdırdı! Himmət yox, həmiyyət yox, namus getdi, qeyrət qalmadı. Papaq bizə haram olsun. Xalq bizi aldatdı. İttifaq yox, ittihad yox, heç utanmırıq, heç qızarmırıq, din əldən getdi, müsəlmanlıq məhv oldu. Həmiyyət yox, namus getdi, qeyrət qalmadı, iman süst oldu. Papaq bizə haram olsun. Qaradavoy gəldi qaç. Cavanlar qəzetəsi Teleqram – Parij – Burda tazə bir zad... Camaat yox, cəmiyyət yox, əcimiyyət yox, yox əşi, “obşestvo” əmələ gəlibdir. Onun zadı... belə nişanı yox, zad... Hə, məqsədi yaxşı-yaxşı işlər görməkdir! Amma biz bədbəxt müsəlmanlar daha nə deyim! Qabaq bizim müqəddəs vəzifəmiz odur ki, camaat içində yaxşı-yaxşı işlər görək və razı olmayaq ki, bizim camaat pis-pis işlərə məşğul olsun. Biz molodej, yox... biz cavanlar gərək çoxlu-çoxlu yığılaq, orada söhbət eləyib, camaatımızın dərdinə yaxşı-yaxşı dərman hazırlayaq. Biz gərək bu yolda çoxlu-çoxlu iş görək və razı olmayaq ki, hamı irəlidə olsun, amma bizim bədbəxt camaatımız dalda qalsın... Bu saat bizim camaat bir quyunun içindədir, o quyu ki, onun adına rus dilində “nevejestvenni”, amma bizim dilimizdə xəcalət quyusu deyirlər. İndi bizim borcumuz o quyunu darmadağın eləməkdir və... və... İdarədən: Və boş-boş sözlər danışmaqdır. * * * Ordan-burdan 37 Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: “Ostereqaytesğ karmannikov”, yəni cibgirlərdən özünüzü gözləyin! Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şən olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur. Ona binaən çox yaxşı olardı ki, müsəlmanlar olan yerlərdə də ya konkalarda, ya küçələrdə, ya evlər qapısında beləcə bir xəbərdarlıq yazıla idi: “Fitnəçilərdən özünüzü gözləyin!”. Çünki hər yerdə ki, bir neçə dənə də olsun müsəlman oldu, orada bir fitnəçi olacaqdır. Fitnəçilik bir azardır ki, bəzi tərbiyəsiz tərs düşmüş adamlara mübtəla olub onları dinc qoymaz. Necə ki, yaz istisində milçəklər, gənələr atın üstünə daraşıb, şıllaqlamağa və oynaqlamağa məcbur edir, həmçinin fitnə naxoşluğu da haman fövqülzikr adamlara giriftar olub, həmişə qıdıqladar, dinc qoymaz. Amma heç bir yerdə fitnə özünə bir o qədər yaxşıca məkan tapmaz. Məgərin ki, müsəlmanlar arasında. Bunun da səbəbi aşikardır. Bir çox müsəlmanların, yəni haman fitnəyə uyanların əqilləri başlarında olmayıb, bəlkə gözlərində və daha çox qulaqlarındadır. Çünki haman başın bir o qədər də bacarığı yoxdur ki, deyilən sözün fitnə olub-olmadığını anlaya bilsin. Onun üçün eşitdiyini məcburən qəbul eləyir. Əcnəbi məmləkətlərində fitnəçilərin sözlərinə qulaq asıb, sonra qaradavoy, filan çağırıb, düz “sarı evlərə”, yəni dəlixanalara göndərirlər ki, orada müalicə olunsun. Bugünkü Osmanlıda fitnəçiləri pruşkeviçlərin yanına qulluqçu tutub, “şəriət istəyənlər” cərgəsində boğazından asarlar. Rusiyada o cürə fitnəçiləri qoyarlar. İranda haman fitnəçilərə “şiri-xurşud” əta edərlər. Bizim yerlərdə isə o cürə fitnəçiləri həmişə baş yerdə oturdub, ikiqat baş əyərlər və əldən gələn hörməti elərlər; onun sözlərinə qulaq asarlar. Camaat arasına fitnə dağılar. Xalq bir-birindən üz-göz olar. Amma fitnəçi özü hörmətdə qalar. * * * İranda-inqilab 1 Həmin bu inqilab sözünün İran işlərinə dair istemal olunacaq məqamı əsil bugünkü gündür ki, bütün Tehran millət mücahidləri əlinə keçib istibdad, İranın o qoca istibdadı gurultu ilə kökündən qoparılır. İran hətta Osmanlı kimi məmləkətlərdə millətin birdən-birə təcdidi-həyat etməsi inqilabsız, yəni qanlı inqilabsız baş tutmazdı və tutmadı da. Buna şahid həmən qansız inqilablardır ki, əvvəlcə İranda, sonra Osmanlıda baş verib də nikbinləri sevindirdi; lakin inqilabı anlamayan və qansız inqilablara inanmayan şəxsləri daim düşündürməkdə və şübhələr içində buraxmaqda idi ki, İranda iyun və İstambulda 31 mart faciələri vüqu olub nikbinləri məyus etməklə bərabər bədbinləri də şübhədən çıxartdı. 31 mart hadisəsindən sonra Osmanlıda yenidən əsil inqilab vaqe olub, doğrudan da istibdad məhv edildi. Bu gün isə həmən əsil inqilab İranda baş verməkdədir. Odur ki, bu inqilabın nəticəsinə də kəmali etimad ilə inanmaq olar. Ajans teleqraflarından qabaq bu gün idarəmizə və xüsusi adamlara teleqramlar gəlib, millət mücahidlərinin Tehranda vaqe olmuş fəth və zəfəri-qəhrəmanələrini bizə bildirmişdir ki, bunun sonunda Ajans teleqrafları yetişib Tehranın mücahidlər əlində olduğunu və şahın əcnəbi səfarətlərinin birinə qaçmaq fikrini bizə bildirdi. Əvət, bir bu qədər inadlılıq göstərib də, təcdidi-həyat etmək arzusunda olan millətin yoluna sədd çəkməklə on milyonluq bir camaatı müstəbid əli altında əzmək istəyən şah, bu gün özünə bir təriqi-nicat axtarır; pənah arayır. Bütün istibdad tərəfdarları bildilər ki, böylə bir gün də varmış. Ehtimal öz məsuliyyətlərinin ağır olduğunu indi hiss etməyə başladılar və nə eləyim, necə eləyim deyə qalıbdırlar. Alınan teleqramlardan ən fərəhamiz, ümidbəxş xəbər orasıdır ki, millət qoşunu bir çox adamların gözlədiyi kimi, qarət və bu kimi rəzil hərəkətlərdən kənar olub, asudəliyi üçün çalışdığı, yolunda canını fəda etdiyi millətin asayışını gözləyib, zəbt və təsxir etdikləri yerlərdə nizam və qayda bərpa edirlər; o səbəbdəndir ki, əhali böyük bir şadlıqla öz nacilərini alqışlayırlar. Məşrutəçilərin Tehranda bir külliyyə müzəffər olduqları artıq şübhəsizdir. Çünki teleqramlardan anlaşıldığına görə şahı qoruyanlar, yalnız bir qazaqlarmış. Deməli, sərbaz filan deyilən ünsür olduqca fürsəti fövt etməyib məşrutəçilərə tərəf keçibdirlər. Qəyur mücahidlər Tehrana daxil olub da, yalnız bir qazaqlar ilə müharibədədirlər. Digər teleqramdan görünür ki, qazaqların dəxi bir hissəsi məşrutəçilərin tərəfinə keçibdir, deməli, yerdə qalanlar dəxi ya məhv olub gediblər, ya təslim olarlar. Yenə teleqramda bir işarə vardır ki, İngilis səfarəti yanında bərk atışma var idi. Bundan aşikardır ki, müstəbid başçılarından kim imişsə, ən zorbası İngilis səfarətində gizlənmək istəyirmiş. Mücahidlər isə buna mane olmağı lazım görüb şiddətli atışma vüqu bulubdur. Heyf ki, teleqrafın burası açıq deyil və İngilis səfarətinə qaçmaq istəyənin kim olduğunu bu gün bilmədik. 2 Dünən və bu günə qədər İranın gələcək günlərinə arxayınca və nikbinanə bir nəzərlə baxmaq çox çətin idi. Bəxtiyarilərin ağır hərəkəti, süpəhdarın tərəddüdü, digər tərəfdən isə Osmanlının Krid məsələsinə məşğul olub da qonşusu İrandan sərfnəzər etməsi, rus qoşununun İran torpağına girməsi, Təbrizin “tətil işğalı”, bunlar hamısı İranın bu yaxın gələcəyinə qarşı qara pərdə şəklində görünüb mavərada nə olduğunu göstərmirdi. Lakin bu iki günün həvadisi haman qara pərdəni dəf etdi. İran işlərinin üzünə gün doğan kimi oldu. Sərdar əsəd və süpəhdar həzrətləri rus və ingilis nümayəndələri ilə bir çox danışıqdan sonra hər bir tərəddüd və istər-istəməzliyi kənara atıb qəti bir surətdə Tehran üzərinə yeridilər. Yeriyib də Tehranı aldılar. Və ümdə burasıdır ki, əcnəbi müdaxiləsinə səbəb ola biləcək hər bir vüquatı bərtərəf etməklə böylə ağır, müşkül və məsuliyyətli işdə böyük bir tədbir və məharət sahibi olduqlarını bilirdilər. Şübhəsiz demək olar ki, şahın bütün ümidi öz kazaklarına, sərbazlarına deyil, məhz əcnəbi müdaxiləsinə idi. Şah və tərəfdarları bu fikirdə idilər ki, millət qoşununun hərəkətləri əcnəbi müdaxiləsinə müntəcc olub o surətdə də heç olmasa İran bədbəxtliyinin məsuliyyətinin yarısı onların üzərinə olacaqdır. Lakin bu qüsur əmələ gəlmədi. İstər Peterburq, istər London mühafilində bunu iqrar etdilər ki, millətin şaha qarşı elan və icra etdiyi müharibə əcnəbilərin həyatını heç bir təhlükəyə düçar etməyir. Rus hökuməti dəxi öz sözü üstündə durub feli müdaxilədən çəkindi. İndi bugünkü teleqramlardan anlaşıldığına görə İranın ürəyi olan Tehran və binaən əleyh... bütün İran millət əlindədir. Bir iş qalıbdırsa, o da şahı ələ gətirib lazım olan şərtləri ona qəbul etdirməkdir. O şərtlərin də nədən ibarət olduğu hələlik müəyyən surətdə ancaq bir süpəhdar ilə sərdara məlumdur. Hər halda bu iki möhtərəmin bu günlərdə göstərdikləri hünər və məharət onların gələcəkdə xoşbəxtliyinə və hər kəsin məmnuniyyətinə səbəb olacaq işlər görəcəklərini təmin edir. 3 İran millət qoşunu Tehranı alıb da, orada icra etdiyi hərəkati-aqilanə və mütədəbbiranələri və İstambulu alan Osmanlı hərəkət ordusunun gördükləri gözəl işləri yada salır. Lakin bütün bu qanlı müsadimələrin səbəbi-yeganəsi olan Məhəmmədəli isə, öz güllənüması, yəni həmkarı olan Əbdülhəmidin yerişini yerimədi. Yerimədiyinə səbəb başqa bir şey olmayıb, bəlkə özünün Əbdülhəmiddən on qat sabiük-əql olduğudur. Məhəmmədəlidən ola bilsin ki, daha artıq cinayətlər icra etdirmiş olan Əbdülhəmid başdan-ayağa qədər ağır günahlar içində olduğunu nəzərə ala-ala yenə də öz millətinə təslim olunmağı və öz həyatını millətin ixtiyarına tapşırmağı, özgə dövlətlər himayəsinə iltica etməyə tərcih verdi. Halbuki Əbdülhəmid millət tərəfindən öldürülməyəcəyindən heç də əmin deyildi. Məhəmmədəlinin bu yolda Əbdülhəmidi təqlid etməməyinə yeni səbəb ola bilər: Ya ola canının qorxusu və millətin mərdliyinə inanması və yainki öz millətinə qarşı qəlbində bəslədiyi nifrət, bu barədə təfsilata girişməyə ehtiyac yoxdur. Hər halda Məhəmmədəlinin qəlbi böyük və alicənab adamlara məxsus hissiyyati-aliyədən bilmərrə boş olduğu təbəyyün etdi. Bu adamda zərrəcə də olsa padşahlıq sifəti yox imiş. Bugünkü teleqramlardan anlaşıldığına görə, millət qoşununun Tehranın içini şah tərəfdarlarından təmizləmək vəzifəsi hələ qurtarmayıbsa da, artıq qurtarmaq üzrədir. Millət qoşununa müqavimət edən Lyaxov qazaqlarının bəqiyyə-tüsseyfidir. Onlar isə zatən, özlərini qoruyurlar. Əgər bu gün Lyaxov təslim edildiyi surətdə, canı salamatda qalmasına əmin olsa, haman dəm təslimi-silah edər. O səbəbdəndir ki, bəzi ruslar Lyaxovun təslimi bödində sağ qalıb-qalmayacağını bilmək üçün süpehdar və sərdardan bu barədə xəbər bilibdirlər. Bunlar isə, cümlə mərdlərə mənsub bir tərz ilə cavab veribdirlər ki, nəinki Lyaxovun özü, bəlkə onun kazaxları belə silah yerə qoyub də müqavimətdən əl çəksələr sağ qalacaqları şübhəsizdir. Kazax məsələsi bitdikdən sonra mücahidlərin ən böyük işi məmləkətin tərz idarəsini təyin edib, ona müvafiq surətdə bir şah seçməkdir. Bu mühüm məsələnin nə tərəfə mail bir surətdə həll olunacağını indidən bilmək çətindir: çünki bu xüsusda hələ ki heç bir məlumat yoxdur. Yalnız xüsusi müxbirimizin teleqramından anlaşıldığına görə onu bildik ki, Qacar nəslindən ən qədimlisi olan Möəzzidüssəltənə, naibüssəltənə təyin olunmaqla bərabər, sərdari əsəd daxiliyyə və süpehdar hərbiyyə vəziri təyin olunubdurlar. Hər halda bu gün İranın iqbalı öylə bir müdəbbir və müqtədir adamların əlindədir ki, məmləkətin gələcəyindən əmin olmağa hər kəs haqlıdır. 4 Bu gündən belə İran əhli öz milliyyətləri ilə iftixarə haqlıdırlar. İran əhli XX əsrin səsinə səs verməklə, öz mürdə olmadığını isbat etdi. Cahıl mollaların dünya malına olan hirs və təməindən dolayı avam mütəəssiblərin himayəti-cahilanəsi sayəsində təxt-səltənətdə qərar tuta bilmiş olan müstəbid gurultu ilə yerə düşdü. Onunla bərabər əsrlərdən bəri avam xalqın iliyinə qədər yerləşmiş olan çürük əqidələr dəxi puç olub getdi. Bu gündən belə İranda təşəkkül etmiş olan yeni hökumətin vəzifəsi ən ağır vəzifələrdəndir. Lakin bu vəzifə yalnız vəzifəyi icraiyyədən ibarət olacağından, ondan daha böyük vəzifə ki, qanunsazlıqdır, məclisin öhdəsində olub, məmləkətin tərəqqi və rifah halına hökumətdən artıq məclis məsul olacaqdır. İranın zavallı birinci məclisi doğrudur öz vücudu ilə İran üçün böyük bir təsəlli idi. Amma iş görməklikdə bir o qədər fəal deyil idi. Çünki əvvələn haman məclisin iş görməsinə qarşı şah və həşəratı tərəfindən mümaniətlər ibraz olunurdu. Bundan başqa, məclis əhlinin bir çoxu dəxi öz vəzifələrini dürüst başa düşməmişdilər, amma bu gün İranda əsil məşrutənin nədən ibarət olduğunu bilməyən adamlar varsa da, onların idarəyi-ümuri-məmləkətə heç bir dəxl və təsərrüfləri yoxdur. Deməli, bu məclisə seçiləcəyi zənn olunan zəvatın hər biri öz və özgə təcrübələrilə idarəyi-məşrutənin nədən ibarət olduğunu layiqincə bilirlər. Məclis ilə hökumətin ən birinci və ən mühüm vəzifələri isə məmləkəti sakit etdikdən sonra əhali arasında ülum və maarifi – XX əsrin təqazasına müvafiq surətdə böyük bir sürətlə müntəşir və təmim etməkdir. Xalq mütəməddin olduqdan sonra öz-özünü rifah-hal ilə dolandırmaq yolunu gözləyə bilər. Bu günlərdə isə süpehdar və sərdariəsədin borcu qanuni əsasiyə qəlbən sadiq olan, olduqca zor və müntəzəm bir qüvvə əldə saxlamaqdır ki, bundan sonra üz verə bilən hər bir təcəvüzati-irticayiyyəni bidayətincə məhv və nabud etmək mümkün olsun. Bəli! İran tarixində qızıl xətt ilə yazılmağa şayan olan bu vəqaedən dolayı növpərəst və insandust olan bütün aləm İran əhlini səmimi qəlb ilə təbrik edib, İranın qəyür mücahidlərinə mütəşəkkildirldr. * * * İran və “Novoye vremya” Rus malının İranda baykot olunması təəssüf ediləcək hadisələrdən biridir. Hər halda bu işdə müqəssir iranlılar deyildirlər... Biz burada hökumətimizin politikasını təftiş və tənqid etmək niyyətində deyilik, çünki bu politikanın bugünkü nəticəsi haman politikanın yaxşı-yamanını gözəlcə bildirməkdədir. Ancaq nə üçün İranda rus malı baykot olunur da, ingilis malı olmayır. Halbuki İngilis hökuməti dəxi rus hökuməti ilə müvafiq bir surətdə iş görməkdədirlər. Bu suala cavab odur ki, durbin olan İngilis hökuməti bu yolda öylə bir politika intixab etdi ki, İran milləti tərəfdarı kimi göründü. Rus hökuməti isə şah tərəfdarı çıxdı. Hər iki hökumətin İranda gördükləri işlər bizim hamımıza məlumdur. İndi götürək hər iki hökumətin nimrəsmi mətbuatını və görək İran işlərinə dair bu qəzetələr hansı məsləkə xidmət edirlər. İran məşrutəçilərinin birinci müzəffəriyyəti və müzəffəriyyət bədində kəmali-nizam və qayda bərpa olunduğu xəbərini aləmə bildirən əvvəlcə ingilis mətbuatı oldu. Eyni zamanda da “Novoye vremya” qəzetəsinin müxbiri Tehrandan belə bir teleqraf çəkmiş: “Bəxtiyarilər və fədailərin dəstələri kəmali-xəyanət ilə Tehrana soxuldular və məclisi tutdular. Bunların başçısı olan süpehdar özünü şah elan etdi, küçələrdə və meydançalarda şiddətli atışma davam etməkdədir, hər iki tərəfdən yaralananlar və ölənlər vardır. Lyaxov və rus ofiserləri kəmali-mərdanəliklə kazax briqadasını müdafiə edirlər. Kapitan Perebinosov Soltanabadda şahı müdafiə edir. Qəzvində qalmış olan rus qoşununu bilatəxir buraya göndərməlidir. Tehran hərci-mərc olubdur. Yevropalılar böyük bir təhlükə içindədirlər. Şahın əhvalı böhranlı və ümidsizdir”. Bu teleqramı çap etdikdən sonra, “Novoye vremya” özü də bunu əlavə edir: “Bəs, görünür ki, daha təxir etmək yeri deyildir... Biz haman sədayiistimdadı təkrar edib də, deyirik ki, qoy bu məsələnin həlli kimə racə isə eşitsin və bunu bilsin ki, doğrudan da tələsmək lazımdır”. Lakin nə yaxşı oldu ki, hökumət “Novoye vremya”nın bu qışqırığına qulaq vermədi və belə bir provokasiyaya məhəlgüzar olmadı. Bəxtiyarilərin və fədailərin miskin milləti müstəbidin çəngalindən qurtarmaq üçün ölümə getdiklərini bütün aləm alqışlarla təbrik və təhsin və təqdir etdiyi halda, “Novoye vremya” bunun adına xəyanət deyir. İranın təcəddüdü, əhyası “Novoye vremya”çıları istirahətsiz edir. Guya, rus mənafeyini gözləmək və kamali-əmnü-əmanda olan əcnəbilər – ki, onlardan birinin burnu qanamadı, müdafiə (?) etmək üçün “Novoye vremya” tələb edir ki, rus qoşunu Tehrana girsin, halbuki böylə bir təşvin rus dövlətinə xidmət deyil, xəyanət olduğunu “Novoye vremya” anlamaq istəmir və belə bir zamanda ki, İranda olan rus şən və heysiyyətini bərqərar etmək üçün hökumət öz politikasını lazım olan yoluna salmağa qeyrət etməlidir. “Novoye vremya” qəzetəsi bu yolda hökumətə lazım olan kömək əvəzində daha da hökuməti Ümumrusiya mənafeyi üçün müzürr bir yola sapdırmağa çalışır... * * * Ordan-burdan 38 Bir neçə gün bundan irəli “əlahəzrət”, qədri-qüdrət Məhəmmədəli şah Qacar ruhəna fədah adlanan, amma bu gün rus demişkən, prosto Məşədi Məhəmmədəli denilən İran sabit şahı Məhəmmədəli mirzə küsübdür! Küsübdür ki, nə üçün onu taxtdan yerə saldılar. Halbuki həmin Məhəmmədəli mirzə öz millətinə bir çox... zülmlər etmişdir! Ravi belə rəvayət eyləyir ki, bir dəfə rus səfarətxanasının yanından keçirdim. Gördüm ki, otaqların birisindən həzin-həzin səslər gəlir. Bir qədər qulaq verib bu cürə sözlər eşitdim: – Mən sənə demədimmi ki, millət ilə sülh elə! – Yalançıya Allah lənət eləsin! Sən demədinmi ki, məclisi topa tut! – Əşi, zərər yoxdur, sən padşah olma, oğlun olsun, özgəsi deyil, ha! – Vallah, əslinə baxsan, heç bu iş pis olmadı... Bax, bizim bu xaraba qalmış torpaqda sənin zərrəcə də hörmətin qalmamışdı. Amma indi get Rusiyaya, gör sənə nə hörmət eyləyəcəkdirlər! – Axı, mən burada istədiyimi eyləyirdim. Görüm Rusiyyətdə də öylə şeylər mənim üçün mümkün olarmı? – Yaxşı, sənin burada istədiyin, ayıb olmasın, isti yer... yəni belə bu cürə ürək açan şeylər deyilmidi? Əgər sən Rusiyyətdə haman istədiklərin yüz dəfə ondan yaxşısını tapmasan, onda əmr elə sənin cəlladın mənim... yox, amma indi cəlladın yoxdur... Onda mən namərdəm! A gözəl Fitilbörk! Ey yerin behişti! Qurtar bizi bu cəhənnəmdən! Oranın küçələri o qədər təmizdir ki, qatıq töküb yalamaq olar. Amma bunun küçəsində bir qədər yağış yağsa, gərək hambal dalına alıb minib keçəsən. Oranın küçələrində gözəllər – gözəl-gözəl madamlar – mislil huri, qəşəng-qəşəng oğlanlar – kəmisli qılman! Amma buraların küçələrində sürü-sürü hamballar... – Amma hayıf ki, mən yaxşı rusca bilmirəm! – Amma mən yaxşı bilirəm! – Adama nə deyir? – Çelovek! – İtə nə deyir? – Sabaka! – Gedirəm, nə tövr deyir? – Baydom! – Gəlirəm? – O da baydom. – Onda sən məndən çox bilirsən! * * * Sonra nə danışıblarsa ravi eşidə bilməyibdir. * * * Zemstvo nədir Tiflis qəzetələrindən məlum olduğu üzrə doktor Xətisov tərəfindən cəmi-cümlətanı 17 nəfər adam cəlb olunubdur ki, bunlar Qafqazda zemstvoların nə yolda və nə sayaq təşkili məsələsilə məşğul olub bu barədə məlumat hazırlasınlar. Kəmali-heyrət və təəssüf ilə bildiririk ki, o adamların içində bir nəfər də müsəlman yoxdur. Bizim “vısşi kurs” qurtarmışlarımızın ətalət və etinasızlığına təəccüb edirik. Bu iş onların qulağına girmir. Halbuki “zemstvo” çoxdan bəri Qafqazda arzu olunan bir islahatdır. Əvvəlcə hökumət böylə bir imtiyazı yalnız içəri Rusiya üçün müxtəss edib ətraf ölkələri bundan məhrum qoymuşdur. İndi isə, Qafqaz canişini həzrətlərinin səy və ehtimamı sayəsində Qafqaza dəxi öylə bir ixtiyar verilmək üzrədir. Həmin 17 adamın borcu budur ki, zemstvonun Qafqazda nə sayaq təşkil lazım olduğunu bəyan və aşikar etsinlər. Yəni oylə bir zemstvo təşkil olunsun ki, məhəlli şəraitə müvafiq gəlsin. Əlbəttə, bu gün içəri Rusiyada olan zemstvonu haman eynilə bizim Qafqaza keçirtmək olmaz; içəri Rusiyanı ümumiyyət üzrə bir millət təşkil edir; halbuki bizim Qafqaz müxtəlif millətlərdən əmələ gəldiyi üçün, hər millətin də özünə məxsus şəraiti-məişəti mövcud olduğundan, oylə bir mühüm işin icra və tətbiqini ibtidada müzakirə edən heyətin içindən hər millətin nümayəndəsi olmalı idi... Qərəz, zemstvo nədir? Bu barədə əhaliyə məlumat vermək lazım olduğundan, o barədə yazmağa məcburuq. Zemstvo ondan ibarətdir ki, hər bir uyezdin qanun tərəfindən ixtiyar verilmiş adamları (ki o ixtiyar barəsində aşağıda danışılacaqdır) yığılıb bir cəmiyyət təşkil edib, öz aralarında qlasnıy seçirlər ki, hər uyezdin və quberniyanın işlərini idarə etsinlər. Deməli, bu zemstvonun əhali üçün o yaxşılığı vardır ki, əhali bir növ öz-özünü idarə edir. Ən əvvəlcə Rusiyada zemstvonun, yəni əhali nümayəndələrinin ixtiyarı artıq idi. Zemstvo öz işində sərbəst idi. Lakin sonradan tazə qanun çıxıb zemstvonun ixtiyaratı azaldı və hökumət adamlarına tabe edildi. Bu halda, Rusiyada zemstvo iki cürədir: Biri uyezd, o biri də quberniya zemstvo idarəsi. Hər iki zemstvo idarəsi şəhər idarələri kimi, əvvələn (zemskoye sobraniye) və saniyən (zemskaya uprava)dan əmələ gəlir. Zemskoye sobraniyenin işi qaidə və nizamlar qoymaq, zemskaya upravanın da işi haman qaida və nizamları icra və tətbiq etməkdir. Zemstvo işlərində iştiraka o adamların haqqı vardır ki, onların əmvali-qeyri-mütəhərrikəsi ola. Əgər uyezddə sakin olan bir adamın əmvali-qeyri-mütəhərrikəsi varsa və o əmval vergi alınmaq üçün 15 manata qədər (əskik olmaz) qiymət olunarsa, o halda haman adam zemstvo işlərində iştiraka haqlıdır. İndi iş burasındadır ki, görək, aya Qafqazdadamı zemstvo işlərində iştirak etmək üçün böylə bir qaydanı əsas gətirmək olarmı, olmazmı? Bu məsələ həmin fövqülzzikr 17 adamların işidir ki, onların içində bir nəfər müsəlman yoxdur. Qərəz, bu əmvali-qeyri-mütəhərrikəsi, yəni ləyaqəti-mülkiyyəsi (imuşestvennıy senz) olan adam ondan başqa, əvvələn, 25 yaşından kiçik olmasın və saniyən rus təbəsi olsun və salisən, bir günah sahibi olmasın. Bu maddələrə müvafiq olan adam zemstvo seçkilərində bilavasitə iştiraka haqlıdır. Bəzi adamlar da vardır ki, bu seçkidə vasitə üzrə iştirak edə bilərlər. Yəni öz əvəzlərində vəkil göndərə bilərlər. O adamlarda ləyaqəti-mülkiyyə olub da, lakin yaşı 25-dən aşağı olan kişi və bir də arvaddır. Yaşı 25-dən aşağı olan kişi hər kəsi öz tərəfindən vəkil edə bilər. Halbuki, həddi-buluğa çatmamış uşaqlar isə, ləyaqəti mülkiyyələri olduqları halda, ancaq öz qanuni vəsi və hamisini vəkil etməyə haqlıdır. Arvadların vəkilləri isə ancaq ərləri, ata və qardaşları ola bilər. * * * Əvvəlcə öz xətamızı təshih edəlim. Bugünkü qəzetələrdən kəmali-məsərrət ilə bildik ki, həmin 17 adamın içinə iki müsəlman daxildir ki, onlardan biri İbrahim bəy Vəkilov, o biri də Hüseyn bəy Minəsazovdur. Dünənki nömrədəki məqaləmdə 15 min manat əvəzinə 15 manat yazılıbdır, yəni zemstvo işlərində iştirakı haqlı olmaq üçün ləyaqətimülkiyyə lazımdır və o mülkün də qiyməti 15 min manatdan az olmamalıdır. Hər uyezdin seçkiləri olmalıdır. Bu seçicilərin siyahisini uyezd idarələri (uprava) tərtib edib qubernatora təqdim edir. Qubernatorlar isə qlasnılar seçkisinə bir ay qalmış bu siyahini elan edir. Seçki isə, qurə ilə məxfi surətdə icra olunur. Qlasnıları 3 ilin müddətinə seçirlər. Hər 3 ildən sonra hər uyezdə zemstvo seçki ictimaları dəvət olunub, təkrar seçkiyə başlayırlar. Bu gün Rusiyada mövcud zemstvo qanununa görə, ləyaqəti-mülkiyyələri 15 min manat olmayıb da, fəqət 1500 manatdan az olmayan adamlar zemski qlasnı seçkisində bilavasitə iştirak edə bilməzlər. Onlar öz aralarında vəkillər seçərlər və o vəkillər də onların əvəzinə rəy verərlər. Bu vəkilləri seçmək işində həmin xırda mülkədarlardan iki cürə ictima yığılır. Əvvəlinci ictima xüsusi nəsil bəd nəsil bəylərdən (potemotvenin dvoryanlardan) təşkil olunub bəylər rəisinin (predvoditel dvoryanstva) təhti-sədarətində əqd olunur. İkinci ictima isə, sair əhalidən (yəni poçetnı qrajdanlardan) əmələ gəlib, şəhər idarəsi rəisinin təhtisədarətində vaqe olur. Hər ictimadan o qədər vəkil seçilir ki, hər vəkil 15 min manatlıq ləyaqəti-mülkiyyəyə müvafiq olsun. Elə ki bu vəkillər və 15 min manatlıq ləyaqəti-mülkiyyəsi olan mülkədarlar yığılıb onlar bir cəmiyyət təşkil edirlər ki, bunun adına “Zemstvolar intixab cəmiyyəti” deyilir. Bu cəmiyyətlər dəxi 2 cürədir: Bunlardan biri bəylərdən əmələ gəlib, bəylər rəisinin təhtisədarətində olaraq, öz aralarında qlasnı seçirlər, o biri cəmiyyət isə sair sinifdən olub şəhər idarəsi rəisi sədarətilə seçki icra edirlər. Kənd camaatları içindən də qlasnılar seçmək üçün kənd yığıncaqları qurulub, hər yığıncaqdan bir nəfər qlasnı seçilir. Bu qayda ilə seçilmiş qlasnılar, hər uyezddə bir zemstvo məclisi qururlar (zemskoye sobraniye). Uyezd zemstvo məclisində uyezd bəylər rəisi sədarət edir. Zemstvo məclisi ildə tək bircə dəfə yığılıb, 10 günlük ictimada zemstvoya dair işlərin müzakirə və həlli ilə məşğul olur. Zemstvo məclisinin qərardadlarını icra və tətbiq etməklə bərabər, zemstvo mülk və malına nəzarət yetirmək üçün qlasnılar içindən bir (zemstvo idarəsi) intixab olunur. Həmin bu qayda ilə uyezdlərdə zemstvo məclisi qurulan kimi, quberniyalarda da o sayaq məclislər qurulub, hər məclis öz quberniyasının işlərinə baxır. Zemstvo nə, məclislərinin işi nədir? Zemstvo məclislərinin iş görmək ixtiyarı, heyf olsun ki, məhdud edilir və bundan başqa hökumətə tabe olunubdur. Hər halda əhalinin rəfahhal və asayışla yaşamağına bais olacaq bir çox tədabir və binagüzarlıqlar həmin məclisin doğruluq və ciddiyyət ilə işi görməsindən asılıdır. Zemstvo məclislərinin işi bunlardan ibarətdir: Zemstvo təhti-nəzarətində olan yolları, yol tikililərinin təmir və islahı, məsələn, quberniyada və ya uyezddə mövcud yollar xarabdır, ya yoxdur, çaylar körpüsüzdür; zemstvo məclisinin borcu bunların hamısını düzəltməkdir. Zemstvo poçtası təşkil edib saxlamaq, əlbəttə, poçta pul kimi müxabirat və mürasilat üçün böyük bir vasitə olduğundan, nə qədər müntəzəm olsa, bir o qədər əhali üçün yaxşıdır. Fəqir-füqarəyə himayət, yəni cəmiyyəti-xeyriyyələr açmaq və saxlamaqla və ya özgə qanunu pullarla əhalinin fəqir və biçizlərini himayə etmək, indiki halda buraxmamaq. Camaatın səhhət və afiyətinə çalışmaq. Bu gün xolera gəldi, durub xoleranı gözləməmək, bəlkə oylə möhlük mərəzlərin uyezddə və ya qubeniyaya sirayətinə yol verməmək, məavinəti-tibbiyyə işini, yəni həkimlər, mərizxanalar və davaxanalar saxlamaq işini vəsi bir surətə salmaq, mal və heyvanat naxoşluqlarını rəf və dəf etmək. Maarif işi – yəni sənət; peşə; mülk və maldarlıq məktəbləri çox açdırmaq və tədris təlimini müntəzəm bir hala salmaq, əhalini mümkün mərtəbə maarifləndirmək. Asayiş və abadanlıq – əhalinin mal və mülk hüququnu gözləmək, təmirat işlərinə nəzər yetirmək, evləri, meşələri yanğınlardan gözləmək və bunun üçün bütün lazım olan tədbirlərə təəssül etmək və bunlarla bərabər zemstvonun böyük haqqı odur ki, zemstvonun təhtiidarəsində olan yerlər, işlər üçün smeta, yəni məxaric və mədaxil dəftəri düzəltmək və öz ixtiyarı ilə lazım olan yerlərə pul sərf etmək. Bu ixtiyarlarda uyezd və quberniya zemstvo məclisləri bərabər olmaqla belə, quberniya zemstvosunun bir ixtiyarı da budur ki, əvvələn, əhalinin ehtiyacatı və mənafeyi xüsusunda hökumətə təqdimat verə bilər. Və saniyən, sığorta etdirmək, borcları əhali ehtiyacatına müvafiq surətdə təqsim etmək, yarmarka və ya bazar açmaq, əhaliyə dəymiş zərərə nırx (taksa) qoymaq kimi işlərə də ixtiyarı vardır. Ancaq zemstvo hökumətə tabe olduğuna görə onun hər bir qərardadını qubernator təsdiq etməlidir. Qubernatorun ixtiyarı vardır ki, qərardadları təsdiq etməsin. Zemstvoların əməllərinə şikayət etsin, təhti-məhakiməyə aldırsın. Mühüm işlərdə zemstvo ilə qubernatorun münaqişəsinin həlli Dövlət duması, Senat, Vəzirlər Şurası kimi ali məclislərdən asılı qalır. * * * İspaniya – Fas müharibəsi Ülamalarımızdan möhtərəm axund molla Ələkbər həzrətləri bir məclisdə İran inqilabı xüsusunda camaata məlumat vermək üzrə böylə bir əhvalat nəql etdi: “Uşaqlığımda xırmən sürürdüm, vələ qoşduğum at həm işini görüb vəli surürdü, həm də ac olduğuna görə, hərdənbir ağzını uzadıb çaparaq ot qapıb yeyirdi. Atın ot yeməyi xoşuma gəlmədi. Bir-iki şallaq çəkdim, at incidi, amma, yenə işinə məşğul olub bir müddət otdan əl çəkdi; lakin qarın aclığı binəva heyvanı dinc qoymurdu. Gördüm yenə damınır, ot qapmaq xəyalındadır. Şallağı əlimə alıb düşdüm atın canına, vurdum-vurdum; axırda at təngə gəlib mənə bir cüt təpik atdı: alnımdan dəydi, ürəyim getdi... Məni bir növ ayıltdılar və yaramı sağaltmağa başladılar. O vaxtdan bəri həmin at ilə hörmətlə dolanmağa məcbur oldum”. Doğrudan da biz bu heyvanları özümüz üçün vasitəyi-məişət edib də, keyfimiz istədiyi yolda işlətdiyimiz kimi, mədəniyyətli yevropalılar dəxi onlardan mədəniyyətcə alçaq olan öz növlərini, yəni insanları özləri üçün heyvan ittixaz edib, onlar ilə heyvan kimi müamilə edirlər. İnsan mədəniyyətin nə qədər alçaq dərəcəsində olsa da, heyvandan əqilli və fərasətlidir və ona görə də heyvanı özünə tabe və müti edə bilər. Mədəniyyət isə şüur və fərasəti artıran bir şey olduğuna görə mədəniyyətli bir insan üçün mədəniyyətsiz insan heyvan dərəcəsindədir. Mədəniyyətli ispaniyalılar Amerikanı kəşf edib, mədəniyyətsiz amerikalıları qırıb tələf və yerdə qalanını özünə müti etdilər. Bu tərəfdən mədəniyyətli ingilislər bütün Amerikanın şimalını əllərinə aldılar. Sonra haman ingilislər – bir növ sürətlə mədəniyyətə üz qoyub, İngilis və Yevropa hökmranlığını rəşadət və mərdaniliklə rədd etməklə müstəqil hökumətlər təşkil etdilər. Qərəz, bütün mədəniyyətsiz yerlər, cəzirələr hamısı mədəniyyətlilərin əlinə keçib, bədbəxt əhalisi də heyvan yerinə işləməlidirlər. İndi haman oylə mədəniyyətdən məhrum yerin biri də Fas dövlətidir ki, mədəniyyətli yevropalıların tələsinə düşüb çıxa bilmir. Fas dövləti Afrika qitəsinin şimal-qərbində vaqe olub böyük bir islam dövlətidir; onun adına yevropalılar Marokko deyirlər, müsəlmanlar isə Mərakeş və ya Fas deyirlər. Ərəb mədəniyyətinin şəşəəli bir zamanında, yəni o vaxt ki, Yevropa mədəniyyətcə əhli-islamdan alçaq idi, haman yuxarıda ərz etdiyimiz hikmət üzrə Fas dövləti öz qonşusu olan İspaniyanı həmişə təhdid və təzyiq altında saxladığı halda, bu gün ispaniyalılar mədəniyyətcə onlardan qabaq olduqlarına görə, Fasın içinə girib müsəlleh və qeyri-müsəlleh surətdə məmləkəti təsxir etmək istəyirlər. Və bu məqsədlərinə nail olmaq üçun Fas əhalisindən hər bir cürə zülm və sitəmləri müzayiqə etmirlər. Bir kəndli, ağır bir arabanı çəkə bilməyən atın başına, gözünə şappadığı halda, gendən baxanların ata yazığı gəlib, arabaçıya acığı tutduğu kimi, bizim də və hər bir əhli-insafın da ispaniyalıların faslılara qarşı göstərdikləri boş müamiləyi-vəhşiyanədən acığı tutur. Amma bununla belə, faslıların özünə daha artıq acığımız tutur. Çünki arabaçının şallağı altında əzilən atın belə bir zülmdən qurtarması, yenə həmin arabaçının özünün və yaxud başqa bir insanın rəhminə, mürüvvətinə bağlıdır. Özünə olan zülmü rəf və dəf etməyə heç bir qüdrət yoxdur. Zira, əql yoxdur və onun üçün də müdafiə yolunu bilmir, lakin faslılar heyvan deyildirlər, insandırlar. İnsan isə əqlə malikdir və o əqli artırmaq uçün də mədəniyyət kimi doğru bir yol vardır. Nə üçün ispaniyalılar fransızlar ilə eyni müamilə etmirlər və yaxud böyür-böyrə olduğu Portəgiz dövlətilə işi yoxdur. Çünki onlar ispaniyalılar kimi və daha artıq mədəniyyət sahibidirlər. Müdafiə yolunu yaxşıca bilirlər. Faslılar isə hər bir mədəniyyəti “təkfir”, “təlin” kimi boş və çürük məsələlərə məşqül olub, əvvəldə olan mədəniyyəti-islamiyyəni bilmərrə unudub heyvan kimi ömr sürürlər. Soltanları məmləkətlərinin abadlığına, mədəniyyətinə çalışmaq əvəzində bütün mənhus ömrlərini mütrübbazlıqda, ləhvü-ləəbdə keçirib əqilli yevropalıların əllərində meymun kimi oynayırlar. Üləmaları isə dünya elmlərini küfr hesab edib, o yoldaki fitfaları ilə yazıq əhalini mədəniyyətdən kənar edirlər. Məşhur qamusnəvis Şəmsəddin Sami həzrətləri Fasın maarif və mədəniyyəti haqqında bir baxınız nə yazır: “Fasda maarifi-cədidəyə şimdiyə qədər əsla meyl olunmayıb, maarifi-qədiməyi-islamiyyə dəxi çox tədənni etmişdir. Hər nə qədər Fasın böyük şəhərlərində mütəəddid-mədaris var isə də, bunlarda dəxi ülumi-ədəbiyə və diniyyə oxunur. Finunə əhəmiyyət verilməz və təhsil ilə məşğul olanların çoxu kimya və nücum kimi ülumimohumə həvəsinə düşüb, məmləkətin tərəqqisinə xidmət edəcək ülumə rəğbət etmirlər. Məkatibi-ibtidaiyyədə isə (bizim xaraba qalmış “məktəblərimiz” kimi) yalnız Qurani-kərimin hifzi ilə lövhələr üzərinə təhriri mötad olub, bununla sibyan (uşaqlar) bir az ibarə oxumağı va cüzi yazı və imla öyrənirlər. Bu məktəblər də şəhər və qəsəbələrə məxsus olub, çəryələrdə (kəndlərdə) bulunmadığından əhalinin qismi-əzəmi oxuyub yazmaq nemətindən dəxi məhrum bulunur... Yevropanın yanı başında olan böylə gözəl bir məmləkətdə əlyovm nə bir mətbəə var, nə bir qəzetə çıxır, nə də bir kitab basılır”. İndi o səbəbə görə də yevropalılar və əzcümlə bu gün ispaniyalılar buraya soxulub da döyürlər, əzirlər, basırlar və bildiklərini eyləyirlər. İştə faslıların böylə zillət və fəlakətlərinin ən birinci və baş səbəbi özlərinin mədəniyyətsizliyi, yəni ülum və fünuni-cədidədən kənar olmalarıdır. Başqa səbəbləri və ispaniyalıların vəhşiyanə zülmlərini sonra yazarıq. * * * Ordan-burdan 39 ...Neçə gün bundan əvvəl bir firəng böyük bir hünər elədi: qırx beş verst eni olan bir dəryanın bu tərəfindən hoppanıb o biri tərəfinə düşdü; yəni quşa oxşayan bir hava gəmisinə minib dəryanı keçdi. Bu firəng məşhuri-cahan oldu; özü də bu anda hər gün min manatdan artıq pul qazanır. Bir tərəfdən şöhrət, o biri tərəfdən dövlət! İndi əgər bu adam, firəngin xasiyyətində olmaq şərtilə, bizim müsəlmanlarımızdan olsa idi, haman dəm bizim qara və paxıl qəlbimiz cuşə gəlib, haman həmcinsimizə quyular qazımağa başlardıq! Mollalarımız deyərdi ki, bu adam babıdır və özünün də arvadı ondan boşdur. Mollaların müridləri deyərdi ki, bu adam şeytandır və özünün də qətli halaldır. İnteligentlərimiz deyərdi ki, bu adamı buradan qovmaq lazımdır. Çünki şöhrətin hamısını bu qazanır və onlara bir şey qalmır və əgər bu adam cavan olsa idi, onda da cavanlarımız onu məsxərəyə qoyub deyərlərdi ki, bəh-bəh millət qabağa getdi. Kişi qəribə hünər qayırdı, heç ermənilər cürət edib havaya qalxmırlar, amma bu gəlib ki, havada uçuram... (halbuki kişi uçubdur!) Və bunların da hamısının səbəbi odur ki, millətpərəstlik, iftixarimilli kimi ali və nəcib hisslər hələ bizim qəlbimizdə yer tapmayıbdır. Çünki qəlbimiz də başqa hisslərlə doludur və hələ “vakansiya” yoxdur... Amma firənglər haman hünər sahibini bu gün özləri üçün fəxrimillətlərinin ən böyüyü hesab edib, onun şərəfinə minlərcə qonaqlıqlar, bayramlar, şadlıq etdilər, əcnəbilər dəxi firənglərə həsəd və qibtə edirlər; firəng millətini təbrik edirlər ki, böylə adamlar meydana çıxarır. İndi pərdənin o biri tərəfinə baxaq: həmin bu firəng böylə bir hünərindən naşi özgələrini sevindirdiyi kimi, özüdəcə sevinib bütün əfradi-millətini rəisi-cumhurdan, ministrdən tutmuş, axır hammala kimi öz külfəti bilib çox da şad və xoşbəxtdir ki, bu külfətini öz hünəri ilə başı uca elədi! O, təvaze göstərmir çünki təvaze – qayırma, qəlp, saxta bir şeydir. O haman adamlığında qalıbdır, ondan ötəri bir hambalın təbriki vəzirlərin təbrikindən daha əziz və daha şərəfdir... Amma bu adam bizim müsəlmanlarımızdan olsa idi – paho! Onun səmtinəmi durmaq olarmı! Özünü çəkərdi ərşi-fərşə və hamıya xoruz quyuya baxan kimi baxardı; müsəlmanları bəyənməzdi. Özü də həmişə rusca danışardı; sağ və salamat gözlərinə çeşmək taxardı, başına panama papağı qoyardı, yayın isti günü qaloş geyərdi, yanına gəlmək, eləmək istəyənləri 4 saat qapıda ayaq üstə saxladardı və onun istirahətini pozan adamlara da xeyli acığı tutardı. Amma digər tərəfdən hörmət sahibi olardı. Çünki həmişə zahiri “bazburuda” məğlub olan müsəlmanlar ondan çəkinib nə babı deyərdilər, nə şeytan və nə də ki, məsxərəyə qoyardılar... Heyf!.. * * * Ordan-burdan 40 Xəbərdarlıq Sentyabr yaxınlaşır, məktəblər açılacaqdır və hamısı ağzına qədər şübhəsiz ki, dolmayacaqdır. Gürcülərdə və yəhudilərdə, hələ firəng, ingilis ilə işim yoxdur, ruslarda uşaq oxutmaq bir qanundur. Qanun nədir? Qanun odur ki, hər kəs onun hökmünə əməl eləməsə tənbeh olunar. Məsələn, adam öldürmək olmaz. Bu bir qanundur. Ona görə hər kəs bu qanuna əməl etməyib adam öldürsə, onu ya asarlar, ya Sibirə göndərərlər. (Hiss edirəm ki, oxucu mənə gülür və ürəyində belə deyir: Bəs Bakının Martınovundan qabaq Bakıda nə qədər adam öldürüldü, bəs nə üçün bunları öldürənlər nə asıldılar, nə də Sibirə getdilər?.. Sözün doğrusu, bu bir belə iraddır ki, bunun cavabı bizi mətləbdən uzaq salır. Onun üçün qoy oxucu gülsün, cavab verməyəcəyəm). Yaxşı, yaxşı, oxutmaq qanununa əməl etməyib, uşağını oxutmayan erməni və ya gürçünun tənbehi nədir? Onun tənbehi müsəlman olmaqdır!.. Yəni həmən uşaq oxumayıb böyüdükdən sonra, dilsiz-ağılsız, qulaqsız-başsız cahil müsəlman kimi gah bəyin, gah mollanın, gah qaradavoyun, gah yasavulun qapazı altında qalacaqdır... Bunu yazırdım ki, rəfiqlərimdən biri əhvalatdan xəbərdar olub mənə dedi ki, səhvin var. Rus, Gürcü və sairlərinin uşaq oxutmaları qanunluqdan keçib lap adət olubdur! Mən buna razıyam. Onlar üçün uşaq oxutmaq bir adətdir. Sədi deyir ki: Tərke-adət bemocebi-mərəz-əst!” Odur ki, məsələn, biz gecələr yatmağa adət elədiyimizə görə, yatmadığımız surətdə əhvalımız pərişan olur. Rəfiqlərimizdən biri həmişə mənə deyir ki: qəzetə oxumaq mənim üçün tiryaki adət olubdur, odur ki, qəzetə olmayan günü başım ağrıyır. İndi qonşularımiz üçün uşaq oxutmağın tiryaki adət olmağı nədəndir? Elm və mərifətin mənfəətini dürüst anlamaqdan. Bizim müsəlmanların yüzdə doxsanı elm və mərifətin mənfəətini qanmır. Odur ki, iki məktəb açılanda görürsən ki, biri boş qaldı. Elə bilirsən ki, daha uşaq yoxdur. Amma baxıb görürsən ki, küçələr uşaq ilə dolub aşıq-aşıq oynayırlar və valideynin təhti-tərbiyəsində öyrəndikləri lövün-lövün söyüşləri bir-birlərinə deyirlər. Gedirsən atalarının yanına, əhval-pürsanlıqdan sonra soruşursan ki, nə üçün uşaqlarınızı məktəbə qoymursunuz? Onda da bu cürə cavablar gəlir: – Qorxuram oğlum babı ola! Kafir ola! Mürtədd ola! – Onu kim deyir? – Hamı! – Məsələn? – Məsələn, Qubadakı lənkəranlı molla! – Aya, onun əlində bu sözlər üçün bir dəlil varmı? – Əlində dəlil yoxdur, amma, bir yekə çomaq var ki, hər kəs ondan dəlil-filan istəsə, çomağı endirir təpəsinə. O biri böylə deyir: – Əşi, oğlum oxuyub mənə qızıl yumurta gətirməyəcək, ha! Bir özgəsi deyir: – Vallah, Allah insaf versin mənim atama, hərgah o məni oxutsa idi, indi mən bilirəm mən nə idim! – Çox əcəb, bəs nə üçün öz oğlunu oxutmursan? – Öz oğlum heç, öz oğlum dəlidir. Onu oxutsam da mənim kimi olmaz. Kənd camaatı deyir: – Oğlum gedib məktəbdə oxusun, bəs danaları kim otarsın? Bir fəqərəsi deyir: – Kasıbam, pulum yoxdur! Bir cürəsi deyir: – Oxumaq yaxşı şeydir, hərgah şəriət də öyrədilə. – Bax, ey camaat! Bunlar hamısı bəhanədir. Pulsuz məktəblərimiz var. Şəriətli – ruhani məktəblərimiz var. Hər bir şey amadədir. Aparın uşaqlarınızı oxudun! Məndən sizə əmanət, sonra peşımanlıq fayda verməz! Sentyabr yaxınlaşır, məktəblərimiz açılacaqdır və hamısı ağzına qədər, şübhəsiz ki, dolmayacaqdır... * * * Ordan-burdan 41 Niyyəti-xalisə Nədəndir ki, çox işlərimiz baş tutmayır? Milləti qabağa aparmaq üçün cəmiyyətlər qururuq. Pis incinerlərin tikdikləri ev kimi dağılır! Hansı işə baş qoşub əl atırıq, iş bizdən qaçır və ya axırda biz də işdən qaçırıq. Bu nədəndir? Bu barədə mən çox fikir elədim, amma bir səbəb tapa bilmədim. Axırda qərar qoydum ki, cəmiyyətlərə yığılan adamların əhvali-ruhiyyəsini yazım, sonra hesablayaq görək nə çıxır. Bəli! Cəmiyyət qurulub, camaat hazır, cəmiyyəti bina edən zat ayağa qalxıb məramnaməsini bəyan eyləyir. “Həzərat! Allah özü şahiddir ki, bu işi başlamaqda mənim məqsədim yazıq, zəlil millətimə bir rahi nəcat aramaq, milləti cəhalət və zillətdən qurtarmaq və bir növ ilə milləti qabağa aparıb özgələr ilə həmhüquq və müqavi etməkdir. Bəsdir bu qədər zillət”... və sairə o sözlər ki, oxucularımız əzbər bilirlər. İndi görək natiqin bu nitqinə qulaq asan adamların o əsnada ürəklərindən keçən fikirlər nədir. O n l a r d a n b i r i (gözün diriyib natiqin üzünə və sağ əlinin şəhadət barmağını soxub burnunun sol deşiyinə) – Bu kişi əvvəlcə üzünü qırxdırırdı. Görəsən indi nə üçün saqqal qoyubdur. Bəlkə istəyirlər ki, saqqala salam versinlər. Yəqin o da millətpərəstlikdəndir... Bəs nə üçün başını daramır, bəlkə yazığın heç macalı yoxdur. Amma çox üzdən danışır. Bir belə sözü haradan alıb deyir, yəqin gecə sabaha kimi əzbərləyirmiş. Amma çox oxumuş adama oxşayır... (bu əsnada eşidir ki, yoldaşları “əlbəttə” dedilər, bu da bərkdən deyir: Əlbəttə!) O b i r i (Çox darıxmış görünür. Öylə bil ki, tikan üstə oturubdur, tez-tez saata baxır) – Durum gedim... Yox ayıbdır, qoy bir az da gözləyək, paho, nə uzun danışır, at getdi, örkən apardı. Rəhmətliyin oğlu, elə bil ki, dilotu yeyibdir. Sən öləsən bunlar axırda lap zəhləmizi tökəcəkdirlər... Rəhmətlik uşağı xalqı işdən, gücdən qoyub dörd saat acsusuz... dururam gedim. Nə ayıblığı var? Bəlkə bayırda işim var. Bəlkə naxoşum var, çox otura bilmərəm, deyəsən qurtarır... (“Əlbəttə” eşidir, bu da deyir: Əlbəttə! Və elə çığırır ki, hamı bunun üzünə baxır). B i r a y r ı s ı (bir əlini cibinə salıb küsmüş bir adam kimi oturub özü də stolun üstündən yeriyən qarışqaya tamaşa eyləyir): Vallah, çox qorxuram ki, axırda pul yığalar... Allah Məşədi Həsənə insaf versin, qoymadı yolumuz ilə gedək. Hərgah pul əhvalatı olsa deyərəm adımı yazsınlar, sonra... verərəm. Yoxsa indi üç manat verim çıxsın getsin, birdəfəlik canım qurtarsın?.. Əşi üç manatın üç min dərdi var... (“əlbəttə” eşidir, amma heç dinməyir). Bir başqası (bütün vücudilə bərqdiqqət olub qulaq asır. Danışılan sözlərdən xoşu gəldiyini hərdən başilə etdiyi işarətlə bildirir). – Nə gözəl sözlər, pəh, pəh, insanın ruhu ləzzət alır... Yaxşı olardı ki, hər gün buraya yığıla idik, bu da bizim üçün danışa idi... Qoy məclis qurtarsın, gedəcəyəm bunun yanına söhbət eləməyə, çox ləzzətli adamdır... Əlbəttə, əlbəttə!.. B i r ö z g ə s i (başını aşağı salıb əlindəki karandaş ilə qabağındakı kağızın üstə bir quş şəkli çəkibdir. Quşun uzun dimdiyinin ucunda da bir alma qayırıbdır.) – Görəsən bunun axırı nə olacaqdır? O gəlir ki, millət belə oldu, millət elə oldu. Vallah hamısı yalan-palan sözlərdir. Mən imanım millət qeydi çəkən yoxdur, hamısı kələkdir... (“Əlbəttə” eşidir, yavaşca bu da bir “əlbəttə” deyir). B i r d i g ə r i (bu da başını aşağı salıb dırnağı ilə stolun üstünü qazıyır və tez-tez boğazını artdıyır, dodaqlarını çeynəyir, başını qaşıyır) – Yalan deyirsən məlun! Bilirəm sənin fikrin nədir, özünü xalqın gözünə soxmaq istəyirsən, bədzat! Vallah, qoymayacağam iş görəsən... (Natiqin səsi gəlir). – Millətə qulluqdan başqa, özgə məqsədim yoxdur! (Yalan deyirsən, şeytan). (N a t i q): Bu yolda var qüvvəmlə çalışacağam. (Vallah, qoymayacağam!) (N a t i q): Pis adamları içimizdən çıxartmaq – ki onların başçısı sənsən! (N a t i q): Və bu cürə xeyir işlərdə Allah bizim hamımıza tovfiq versin! (Allah sənə də lənət eləsin!) N a t i q ö z ü (ürəyində): Çox yaxşı danışıram, deyəsən, bir neçəsi ağlayır. Heyf ki, bəzi sözlərimə əl çalmırlar və görünür ki, nitqimi kəsmək istəyirlər... İndi demək olar ki, əvvəlimci adam oluram və bundan sonra da hər yerdə mənim adım çəkiləcəkdir... Deyəcəklər ki, əsil millətpərəst budur... Əşi doğrudan da, vallah, mən millətpərəstəm. Axı, bu millət mənim millətimdir, mənim övladlarımdır, özləri də çox yaxşı adamdırlar. Ancaq bunlara başçı lazımdır, başçı! O vəzifəni də ki mən üstümə götürürəm... qərəz görək nə olur... İndi hesablayıb görürəm ki, bizim adamlarımızda xalis niyyət, işə əhəmiyyət vermək, yəni bu cürə böyük işin qədrini anlayıb bilmək kimi xasiyyətlər yoxdur. Onun üçündür ki, hər işimiz, uşaqların “evcik-evcik” oyununa bənzəyir... Amma o adamlarda da təqsir yoxdur. Milləti qabağa aparmaq hər yoldan ötənin işi deyil... Filankəs çox da urusi baş qoyubdur, o nə bilir ki, milləti qabağa aparmaq nədir! Bəhmənkəs, çox da namaz qılır, o nə bilir ki, millət nədir. * * * Xəbərdarlıq 1 Dünənki məqaləmizdə əxtar surətində ərz olundu ki, biz öz milliyyətimizi baqi saxlamaq, istiqbalımızı təmim etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsinə girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcavüzatından müsəvvən saxlaya bilək. Hal-hazırda bizim maarif işimiz ümumiyyətlə fəna bir haldadır. Realnı, gimnaziya və universitetlərdə təhsil edən şagirdlərimizin ədədi başqalara nisbətən çox azdır. Halbuki biz müsəlmanlar Qafqaz əhalisinin əksəriyyətini təşkil edirik. Az olmalarına da səbəb əhalimizin cəhalət və qəfləti ilə bərabər yoxsuzluğudur. Şəhərlərimizdə, bəzi kənd-kəsəklərimizdə mövcud olan rus-müsəlman məktəblərinə gəlincə bunlarda da baxüsüs kəndlərdəki məktəblərdə tədris və təlim işi ağlamalı bir haldadır. Kəndlərdəki rus-müsəlman məktəblərinin, baxüsus üç şöbəli məktəblərin maarif işimizə heç bir köməyi yoxdur. Məktəblərdə ana dili oxunmur, desək caizdir. Rus dili isə oxunursa da heç bir fayda verməyir. O cürə məktəbləri ikmal etmiş uşaqlar əksər halda realni, gimnaziya və hətta altıklaslı şəhər məktəblərinə də girməyə qadir olmayırlar. Və bir də bu məktəblər heç bir yol ilə əhalini rəğbətləndirə bilməyirlər. Biləks çox vaxt müxtəlif səbəblərə görə əhali o məktəblərdən ikrah olunur. O ki qaldı milli məktəblərimizə. Əvvəla, onların ədədləri çox azdır. Və saniyən bu məktəblər dəxi iqtizaati-zəmanəyə müvafiq bir halda deyildirlər. Kəndlərdəki milli məktəblərimizin vəzifəsi əvvəla, ana dilini uşaqlara mümkün qədər mükəmməl surətdə öyrətməklə bərabər, rus dilini dəxi ona təlim etdirməkdir. Bundan məqsəd: əvvəla, rus dili bilməməklik kəndistan əhalimiz üçün böyük bir müsibətdir. Dil bilməməklik ucundan binəva kəndli rəhmsiz və mürüvvətsiz dilmancların hədəfi-təməi olub varından-yoxundan keçir. Bundan başqa, həmin vicdansız dilmanclar, mirzələr pul gücülə tərəfgirlik edib yalandan tərcümə etməklə günahsız kəndlinin hayasız tənbeh və cəzalarına səbəb olurlar. Onlardan başqa, kəndli yenə dil bilməmək ucundan başqa zillətlərə də düçar olur ki, onların tovzihi başqa bir məqaləyə möhtacdır. Və saniyən milli məktəbi ikmal etmiş kənd balaları şəhərdə realni və gimnaziyalara girmək istədikdə yolları açıq olsun. Bu barədə keçənlərdə də yazmışdıq və bizə etiraz edənlər olmuş idi. Lakin onlar nədənsə ana dili məsələsilə rus dilini bir-birinə qatışdırıb araya özgə mətləblər salmışdılar. Lakin biz öz əqidəmizdə baqi qalıb hər cürə məktəblərimizdə rus dili tədrisini millətimiz üçün mənfəətli və əks təqdirdə zərər bilirik. Bundan başqa, milli məktəblərimiz kənd uşaqlarına kəndçiyə lazım olan sənət və peşələri mümkün qədər gözəlcə öyrətməlidir. Çox heyflər olsun ki, o cürə milli məktəblərimizin heç birində ziraət və fəlahətə dair heç bir şey öyrədilməyir. Rus dili, ana dilimizi basar deyənlər, əgər doğrudan da ana dilinin tərəqqi və tərvici tərəfdarlarıdırlarsa işin burasına diqqət yetirməlidirlər ki, bizim ana dilimiz o vaxt tərvic tapar ki, haman dildə müxtəlif ülum və fünun isə onun çöl işinə xidmət edən elm və fənlərdir. Əgər milli məktəblərimizdə həmin elm və fəndən öz ana dilimizdə şagirdlərə kafi qədər məlumat verilsə, heç bir rus və ya qeyri bir dil ana dilimizi basa bilməz. Bu gün milli kənd məktəblərimizin proqrammasına diqqət yetirilsə, məlum olar ki, əgər haman məktəblər o halda davam edəcək olursalar genə az-çox mənfəət verəcəkdirlər. Kəndli üçün oxumaq və yazmaq, yəni savaddan və bir də dövlət dilini bilib, bəzi lazımlı qəvaninə aşina olduqdan sonra öz peşəsini dürüst bilmək lazımdır. O səbəbə görə kəndli məktəblərində bağçavanlıq, bostançılıq, arı saxlamaq, barama becərmək, dülgərlik, əkin əkmək sənətlərini tədris etməlidir. Bu sənətlərdən bol və gözəl mənfəət almaq üçün tazə üsulqaydalar kitablarda yazılıb, mövcuddur və bu yolda günü-gündən tazə ixtiraatlar eşidilməkdədir. Nədəndir ki, məsələn, Gəncə ətrafında olan nemsə koloniyalarının kəndliləri hamısı varlı və dövlətli və bizim bir çox şəhərlərimizdən təmiz və abadlıq bir kəndə malik olub küçə və qapılarını elektrik ilə tənvir edirlər... Amma bizim kəndlərimiz xaraba yerlərə dönüb viranələrində it ulayır? Çünki həman nemslər, bizim kənd mollaları tərəfindən qarın və cib mülahizəsilə təlin və təkfir edilən ülum və fünuni-cədidəni öz milli məktəblərində oxudub kəndçilik sənətini tazə məhsuldar və asan üsul ilə bilirlər və işlərində tətbiq edib bol-bol məhsul alırlar. Bizim milli məktəblərimiz isə “mrakobesiya” proqramını ittixaz edib tənviri-əfkarə xidmət etməyirlər. Bir çox kəndlilər öz uşaqlarını məktəbə qoymayırlar ki, uşaq çöl işi üçün lazımdır. Bir surətdə ki, məktəb həman çöl işini uşağa gözəlcə öyrədə və atası uşağın elmindən mənfəət götürə, o ata övladının oxumamağına razı olarmı? Elm və maarifin fəzilətini kənd əhlinə nəsihət ilə qandırmaq çətindir, ona göz ilə göstərmək lazımdır. Kəndli bir o qədər zəhmət və məşəqqətlə becərdiyi baramanın, taxılın, arının, bağ və bostanın məktəbdə öyrənilən tazə üsul sayəsində iki-üç qat artıq məhsul verdiyini gözü ilə gördükdə məktəbi özü üçün bir mənbəi-nəcat bilməzmi və “elmi-cədidə haramdır” sözünə baxarmı? Qərəz biz gərək məktəblərimizi oylə halda saxlayaq ki, camaat məktəbin nəfini görüb anlayıb, övladını can və dil ilə oxutsun. Və bir də milli məktəblərimizdə təlim və tədrisə məşğul olan müəllimlər məsələsi də təlimi-maarif işində ən böyük məsələlərin biridir. Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Bir adam onun öhdəsindən gələ bilməz və hər bir adamı müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili-tərbiyə bir şey olduğuna görə onu nə tövr tərbiyə etsən o cürə də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar. Zatən bizim oxumuşlarımızın da bu gün hamını məyus edən bəzi pis-pis əməllərinə də səbəb onların uşaqlıqda fəna yolda tərbiyə olunmalarıdır. * * * Ordan-burdan 42 Keçən səfər rəqiflərimiz ilə mübahisə edirdik. Onlardan biri oxumamış bir cavan idi, amma çox huşyar və böyük qabiliyyət sahibi görünürdü. Mən çox heyfsləndim və dedim: – Əgər sən oxumuş olsaydın, çox ola bilsin ki, səndən böyük bir alim çıxar idi. Cavan atasından şikayət etdi və əz cümlə bunu dedi: “Siz ki qəzetədə camaatı elm kəsbinə çağırırsınız və elmin yaxşılığından o cürlə danışırsınız ki, insan sözlərinizə inanmaya bilməyir. Çünki dəlilləriniz o qədər möhkəmdir ki, onun qabağına heç bir söz demək olmur. Məsələn, sair tayfalar bizdən xoşbəxt və xoşvəxt ömür sürürlər, çünki elm sahibidirlər, amma biz müsəlmanların məişət və güzəranı hər bir barədə ağır keçir, başımıza min fəlakətlər gəlir, çünki elmimiz yoxdur. Amma bəz vaxt mən şəkk və şübhə arasında qalıram. Çünki görürəm ki, bizim bir çox oxumuşlarımız, kurs qurtarmışlarımız öylə pis-pis işlər görürlər ki, mən bu elmsizlik ilə onu özümə rəva görmürəm və bundan başqa, məsələn, sən elm sahibisən, amma mən elmi sizəm, halbuki mən səndən varlıyam və çox ola bilsin ki, güzəranım da səndən rahatdır. Bunlara sözün nədir?” Dedim, sənin ikinci sualının cavabı çox asandır. Əvvəlinci sualına da bir qədər uzun cavab lazımdır. İkinci sualının cavabı – Əgər bu cüzi elmi də mən qazanmasaydım, onda acından ölənin biri idim. Çünki əvvəldən sənin kimi heç bir dövlətə malik deyil idim. Amma bu cüzi elm mənə bir ruzi qapısı açdı. Keçək əvvəlki suala. Pəs, deyirsən ki, madam ki, elm insanı insan eylər, bəs nə üçün bizim bir çox elm oxumuşlarımızdan insana layiq olmayan hərəkətlər baş verir? Belədirmi? – Belədir! Buna təəccüb edirəm ki, bir işkolda, bir müəllimin əlindən çıxmış olan rus, gürcü, doğrudan da siz dediyiniz kimi insan olur, amma onlar ilə bir yerdə çıxmış müsəlman haman əvvəlki xasiyyətində baqi qalır. Pəs, görünür, onda bizim qanımız xarabdır? Nədir? – Nə qanımız xarabdır, nə ətimiz! – Bəs nədir? – Qulaq as, gürcü ya rus yeddi yaşına qədər işkola getmir, qalır öz evlərində. Müsəlman uşağı dəxi yeddi, səkkiz, hətta doqquz və on yaşına qədər işkola getməyib evdə qalır. İndi görək gürcü, rus uşağı evdə nə qayırır, müsəlman uşağı nə qayırır. Gürcü, rus uşağı evdə oxumuş elmli anası tərbiyə edir, vaxtında yatdırır, təmiz havalarda gəzməyə aparır. Ruha və cana qüvvət verən “oyuncaqlar” alıb uşağı məşğul edir. O uşağın qulağı bircə dana da pis ləfz eşitməyir; eşitdiyi nədir? Ruh və bədəni tərbiyə edən gözəl musiqi, böyük “pedaqoq”lar tərəfindən uşaqlar üçün – tərbiyə mülahizəsilə yazılmış şirin hekayətlər, atası ilə anasının dustanə söhbətləri, ədəbli qonaqların əziz danışığı. Uşağın gözü tərbiyəni pozan bir pis şey görməyir. Nə görür? Divarlarda ruhəfza şəkillər, gözəl şəkilli jurnallar, yaxşı güllər, çiçəklər, dörd ətrafında təmizlik və sairə. Çox vaxt anaları uşaqlarını “sinamotoqraf”lara aparıb göstərilən şəkilləri onlara qandırırlar. – Neçə gün bundan əvvəl “sinamotoqraf”da Osmanlı inqilabına dair şəkillər göstərilirdi. Mən tamaşa edərkən eşitdim ki, arxa tərəfdə bir xanım iki nəfər uşağını yanına alıb şəkli göründükcə Osmanlı inqilabını başdan-başa onlara nəql edir. Heç bulvara çıxırsanmı? Görürsənmi əcnəbi balaları necə oynayırlar, gülürlər. Həmi ruhları ləzzət çəkir, həm də bədənləri qüvvət tapır. Amma bizim uşaqlar?! Allah göstərməsin. Eşitdikləri söz-söyüş, qarğış, murdar sözlər, gördükləri pis-pis işlər, ətrafı natəmiz, oynadığı yer tozlu-torpaqlı, küçə oyuncaqları da pişik boğmaq, it döymək, siçan nöfütləyib od vurmaq... Belə ki, uşaq işkola, ya məktəbə girincə evi yıxılır, kökündən tərbiyəsi pis olduğuna görə də sonradan pis-pis əmələ sahibi olur... Budur bizim bədbəxtliyimizin ümdə səbəbi, yoxsa nə qanımız xarabdır, nə sümüyümüz... Müsahibim razı oldu və şübhədən azad olduğuna görə çox sevindi. * * * Xəbərdarlıq 2 Keçən səfər müəllimlər barəsində işarə edib tərbiyəyi-ətfaldan bəhs açdıq. Doğrudan da uşaq tərbiyəsi çətin bir əmrdir. Uşağı nə tövr tərbiyə etsək, o tərbiyəyə görə də adam olar. Bilümum uşaq xeylağı məktəbə girmədən qabaq öz valideyninin təhti-tərbiyəsində qalır. Valideynin öz övladına qarşı qəlbində bəslədiyi məhəbbət təbiidir ki, ata-ananı övladın birinci xeyirxahı cümləsinə daxil edir. Lakin xeyirxah olmaq nə qədər asan isə, xeyir gətirmək və şərri dəf etmək bir o qədər çətindir. Övladı xeyir yolda tərbiyə etmək üçün tərbiyənin yolunu da bilmək lazımdır. Tərbiyənin yolunu ancaq elm sayəsində bilmək mümkündür. Yəni bütün ömürlərini uşaq tərbiyəsinə sərf etmiş olan əazim pedaqoqların tərbiyə haqqındakı mülahizat və təklifatından layiqincə xəbərdar olmalıdır. Bizim başımıza gələn bunca fəlakətlərin hamısına bais əksəriyyətimizin elmsiz və tərbiyəsizliyidir. Bu barədə möhtərəm Firidunbəy Köçərli cənabları şirin dilli məqalələrlə tərbiyə və təlimi-nisvanın lüzum və vücubunu qəzetəmiz səhifəsində vazeh surətdə bəyan buyurublardır. İş bundadır ki, məktəbə qoyulan uşaqlarımızın əksəri tərbiyə görmədiyinə görə onları təhti-təlim və tərbiyəyə alan müəllim əfəndinin işi müşkül, daha ağır və binaən əleyh məsuliyyəti daha artıq olur. Bu ağır sənətə qədəm qoyan müəllim əfəndi bunların hamısını əvvəlcə mülahizəyə almalıdır. Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim, yaxşıdır özünü bu sənətdən kənar etməklə zəhmətdən və cavabdehlikdən qurtarsın... Qəlbində tərbiyə və təlimə heç bir şövq və həvəs yoxsa, heç bu işə girməsin və bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəsbi-ruzi vasitəsi axtarsın. Hal-hazırda müəllimə ehtiyacımız çoxdursa da, lakin bu ehtiyac bir o qədər şiddətli deyildir ki, yaxşı müəllim intixabına məcal qalmasın. Və bir də maarif işinə əyri baxmağa məcbur edilmiş əhalini bu işə alışdırmaq üçün müəllim seçkisində böyük diqqət lazımdır. Xalq ürkməsin və məktəb camaata mənfəət verməklə onları şövq və həvəsləndirsin. Bu halda müəllim hazırlamaq üçün hökumət tərəfindən açılmış məktəb Qori seminariyası ilə İrəvan seminariyalarıdır. Bu seminariyalardan çıxan müəllimlər, baxüsus Qori seminariyasından, müəllimlik sənətini yaxşıca bilirlər. Tədris və tərbiyə işlərini də müəllimlik nizamlarına müvafiq icra edir. Lakin bu seminariyaların müsəlman mərkəzlərinə yaxın olmaması buradan çıxan müəllimlərin əvvəl dəfələrdə camaata biganə görünmələrinə səbəb verir. Çox danışırdılar ki, Qoridəki seminariyanın müsəlman şöbəsi Bakıya və ya Tiflisə, yaxud Şamaxıya köçürüləcəkdir. Lakin bu danışıqdan hələ ki bir şey çıxmadı, görünür ki, bu məsələnin də dalına düşən olmayıbdır. Əgər haman seminariyanın şöbəsi, heç olmasa Tiflisə də gətirilsə və orada türk dili dərslərinin proqramı tovsi edilsə söz yoxdur ki, müəllim sarıdan böyük arxayınlıq olar. Bu halda camaat pulu ilə müəllim yetişdirməyə xidmət edən məktəblərimizdən isə yalnız bir Bakıda olan “Saadət” məktəbini bilirik. Gəncədə dəxi “Saadət”ə bənzər bir ruhani məktəbi vardır. Lakin o məktəbin işləri ilə məəttəəssüf bir o qədər aşinalığımız olmadığına görə, ondan bir söz deyə bilmərik. Məgərinki keçən günlərdə bizim qəzetədə haman mədrəsənin proqramı nəşr və elan olunmuşdu. O proqram bizə çox naqis göründü. “Saadət” məktəbi isə gələcək üçün çox böyük ümidlər verir. Bu məktəbə əhalimizin iki əl ilə yapışması vacibdir. Çünki bu məktəbdə təhsil edən uşaqların hər yerə yolu açıqdır. O ki qaldı müəllimə yetişdirəcək məktəblərə, bu yolda əhalimizə bir növ kömək edən bir məktəb varsa, o da Bakıda Tağıyev cənablarının təsis etdiyi “Aleksandrin” “Ünas məktəbi”dir. Lakin bu məktəbin kursu çox balacadır. Və saniyən bu məktəb bahalıq cəhəticə bir adamın orada qız oxutmağına imkan verməyir. Əgər bu məktəbin də kursu ayrılıb və özü də hər kəsin qüdrətinə müvafiq bir icrətlə uşaq qəbul edərsə, o halda müəllimə sarıdan da bir növ arxayınlıq ola bilər. Lakin “hərgah” və “əgər” ilə iş getməz. Bu fikirləri qüvvədən felə gətirmək üçün lazımdır bu işlərin dalına düşmək gərək və illa işlərimiz bu növ ilə qalsa tərəqqimiz çox çətindir. * * * Ordan-burdan 43 Zemstvo məsələsi Zemstvo məsələsinin (qoy urusca deyim) – “vajnılığını” biz hələ başa düşmürük. Axı bir baş ki onun içi təkfir, təlin, fitnə-fəsad, şeytanlıq, büxl, həsəd, mənəmlik və bu kimi şeylərin iğvası ilə dolu ola və yainki bilmərrə boş ola – o başdan nə ummaq? Qərəz zemstvo məsələsi bir məsələdir ki, əgər onu biz də özümüzə, öz ehtiyacımıza yarayan bir surətdə həll eləsək əvvəla, məktəblərimiz artar, saniyən, yollarımız rahlanar, hər il minlərcə qoyun, qaramal və yüzlərcə adam aparan çaylarımıza körpü saldıra bilərik, salisən, hər kəsə, hər kəndliyə lazım olan su verilər ki, ta bir də insafsız mirabların, cüvarların, bəylərin bərəkətindən xalqın taxılı yanıb ac qalmasınlar. Rabiən, içimizə ya heyvanlarımızın içinə bir azar-filan düşərsə, tez qabağın kəsmək olar. Qərəz zemstvodan çox mənfəət almaq olar. İndi, bu gün ermənilər, gürcülər haman məsələnin üstünə düşüb çox şirin-şirin həll eləməyə məşğuldurlar. Əlbəttə, erməni yuristi bu məsələyə ermənilərin ehtiyacatı nəzərilə baxacaq, gürcülər də həmçinin gürcü ehtihacatı nəzərilə. İndi görünür ki, bunlardan başqa “visşi obrazovaniya” alanlarımız yoxdur. Bəs bizim ehtiyacatımız nəzərilə kim baxsın və bu gözəl nemətdən məhrum olmağımıza razı olmasın? Heç kim yoxdur... Biarlığımıza salıb dinməz-söyləməz oturmuşuq. Genə bir cürə işlərdə üzümüzü ağardan və haqqımızın pay-bəşik olmasına namus millisi yol verməyənlərimiz var idisə, o da Əhməd bəy idi. Onu vətəndən qaçırtdılar... Əhməd bəydən keçəndən sonra doktor Qara bəy Qarabəyov idi. Onu da vətəndən qaçırtdılar. Bunlardan başqa, Əlimərdən bəy Topçubaşov idi, onu da vətəndən qaçırtdılar. Bunlardan savayı doktor Nəriman Nərimanov idi, onu da qazamata saldırıb bir bölük külfətini ac qoydurdular. İndi böyük arsızlıq burasıdır ki, millətimizin qeydin çəkən və bu gün üçün bizə hər bir şeydən lazım olan o millət namusu çəkənlərimizin vətəndən iraq düşmələrinə təəssüflər etmək əvəzinə – hələ dallarınca da daş atırıq... De, buyursun, içimizdən biri çıxıb onların birini versin! Onların burada olmağı şəxsi mənfəətin millət mənfəətinə tərcih verənlərin xoşuna gəlmirdi. Çox əcəb, indi onlar yoxdur, meydan da boşdur və meydana atılmağın çox yaxşı məqamı və hünər göstərmək həngamıdır. İndi haman o “riyasət” fikrində olanlar buyursunlar meydana. Gələn gəlsin, gedən getsin. Buyur meydana, bismillah! Bizdəcə gendən tamaşaçıyıq, əgər meydana atılanlar doğrudan da millət mənfəətinə bir iş görə bilsələr, onlara qiymət qoymayan xaindir. Yoxsa əlindən başından bir iş gəlməyə-gəlməyə iş bilənlərə daş atmaq – sizi inandırıram ki, heç bir hünər deyil!.. Nahaq yerə atılıb düşməyin ki, durduğunuz yerdə biabır olarsınız və bir də heç fəramuş eləmiyəsiniz ki, camaat nə qədər cahil olsa, genə də onu əldə karastı və alət eləmək olmaz. Yoxsa birdən işdir camaat ayılar, sonra içindən xata çıxar. Məhəmmədəli ilə Əbdülhəmidin əhvalatı camaatın gücünü sizə göstərmədimi? Siz bu camaatın xeyri üçün sədaqət ilə çalışanları kənar edib sonra “riyasət” hirsi ilə camaatın başında dəlləklik eləmək istəyirsiniz. Bu yaxşı iş deyil, sonra peşman olarsınız. Əgər əlinizdən bir xeyir iş gəlirsə, buyurun meydana. Çox yaxşı vaxt və illa bacarıq yoxdursa, dinməz oturmaq məsləhətdir. * * * Zənburçulara ciddi bir təklif Ümum millətimizin asayiş və səlamətliyini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün zənbur çulara ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə hədyanat söyləyəcəklərsə, söyləsinlər, lakin məni bəhanə edib də, yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar. Mənim Əhməd bəyi müdafiə etməyim, heç kəsə ixtiyar verməz ki, aralığa qarabağlı, bakılı məsələsi salsın. Mən nə edim ki, öz elmimi, biliyimi və bütün istedad və qabiliyyət-xudadadımı millətin tərəqqisi yolunda sərf etməklə xain, həsud və bəxil zənbur çuların gözlərinə bir ox olub batıram? Millət balalarının təlim və tərbiyəsinə cəhd edib də valideyn tərəfindən təşəkkürlər almaq, qəzetələrdə yazmaqla, əhaliyə xidmət etmək və yaddan çıxmış ləhvüləəb aləti olmuş musiqimizi diriltmək və hər kəsin rəğbətinə məzhər etməyə çalışmaq və bunların əvəzində – deyil ev tikdirmək, banklarda pul saxlamaq, – bəlkə öz ailəmi bəsləyəcək qədrində də olmayan bir mükafata razı olmaq zənburçular nəzərincə pis şeydirsə, qoy mən pis olum. Madam ki, mən qaraqəlbli, kəsifürəkli zənburçuların xoşuna gəlmirəm, qoy gəlməyim, qoy onlar bacarsınlar da məni dəfə çalışsınlar, lakin əhalini ələ dolayıb da, aralığa “bakılı”, “qarabağlı” fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var mənə desinlər. Bu, bir ciddi təklifdir. * * * Ovzaımız Bir neçə zaman bundan əvvəl məqalələrimizin birində millətimizə rəhbər və başçı olmalı adamlar lazımdır məalında bir şey yazmışdıq. Bugünkü halımız camaatın adamsız qaldığını və adama əşədd möhtac olduğunu ən müəssir bir surətdə göstərməkdədir. Bir tərəfdən zemstvo məsələsi, digər tərəfdən məktəb və ələlümum maarif məsələsi, bir yandan da qərəzi-şəxs həvəsilə iş görməyə atılıb da, camaatın zərər və fəlakətindən mənfəət aparmaq istəyənlərin əmal və hərəkatimüzürrəsinə qarşı məmaniət göstərmək məsələsi. Bunların hamısı həll və fəsilsiz qalmaqla nə qədər zərərləri movcib olur. Bu zərər və ziyanları görüb də dinməmək, danışmamaq məhz xəyanət və vicdansızlıqdır. Axırda camaatın fəlakətini mövcib ola bilən bu zərər və ziyanları dəf etməklə işlərimizi düzəltmək və hər bir işi öz yoluna qoymaq üçün adamlar lazımdır. Oylə adamlar ki, qəlbləri pak, niyyətləri xalis olmaqla bərabər qüvayi-ruhaniyyələri möhkəm və mətin olsun. Hissiyyat sahibi deyil, əqli-səlim sahibi olsunlar... Zira hər bir böyük işdə insan ancaq əqlini özünə rəhbər tutmalıdır. Yoxsa hissiyyata təvəssül edilərsə, işi batırar, yaxşı nəticə görməz. Doğrudur insanın hissləri iki cürədir: yaxşısı da var, yamanı da. Yaman hisslərin insanın qəlbindən bilmərrə məhv və nabud olmasının lüzumu şübhəsizdir. Yaxşı hisslərə dəxi o qədər nəşvü nüma verməməlidir ki, əqlisəlimə qalib gəlsinlər. Biləks insanın başındakı əql, onun qəlbindəki hissiyyatın üstündə həmişə hökmfərma olmalıdır. Mən demirəm ki, insanın qəlbi hər bir hissiyyatdan məhrum olsun, bəlkə əqil hər hissiyyata faiq gəlməklə onların izharat və iqtizaatını nəzmə salsın. Təəssüflər olsun ki, biz müsəlmanlarda ələlümum, hissiyyatı daim əqli-səlimə qalib gəlməkdədir. İstər yaxşı hisslərimiz, istər yaman hisslərimiz bizi əhatə edən şərait içində o qədər nəşvü nüma tapıbdır ki, əqli-fərrə qalib gəlməkdədir. Doğrudan da bəzimizin rəhmdillik hissi o qədər artıqdır ki, sağ və səlamət bir dilənçinin, yolçunun ahu-zarına ürəyi yanıb pul verir. Lakin əqli bir o qədər nəşvü nüma tapmayıbdır ki, bu dilənçi və yolçuluğun aramızdan götürülməsinə bir çarə tapılsın. Halbuki məsələn, Almaniyada, İngiltərədə bir adam yıxılıb acından ölə, ona bir qəpik verən olmaz. Bununla bərabər hissiyyatlarının başında duran əqli-səlimləri sayəsində deyil sağ-səlamət yolçu, hətta kar, kor, şillərə də pul və çörək qazanmaq yolunu öyrədibdirlər. Bəzimizin büxl və həsəd hissi o qədər nəşvü nüma tapıbdır ki, özgəsinin bir hünər sayəsində qazandığı şöhrət və ehtiramı görüb qəlbi alışır, ona görə də xəyanət və dənaətə qədəm qoyur. Lakin özünün də bir o qədər əqlisəlimi yoxdur ki, bu da başqa bir hünər göstərməklə xalqın məhbubülqülubu olsun. Halbuki Yevropada birisi tərəqqi yolunda bir hünər göstərdikdə, bir digəri də özgə bir hünər göstərməklə qeyrət edir. Bunlardan başqa, lazım olmayan yerlərdə göstərdiyimiz cəsarət və çəsarət lazım olan yerdə ibraz etdiyimiz cəbunluq və bir çox manei-tərəqqi, hərəkat və əmalımız hamısı hissiyyatımızın əqlimizə qalib gəlməsindəndir. Və bu qalibiyyətə də səbəb genə də həqiqi təlim və tərbiyə görmədiyimizdəndir. Hər halda keçək mətləbə. Bizim üçün hal-hazırda mətinülqəlb və səlimülqəlb adamlar lazımdır ki, deyil yaxşı-yaman hissiyyatı, bəlkə səlamət əqli sayəsində milləti irəli sürüyüb bu rəzalətdən qurtarmaq yolunda qabağına çıxan sədd və məmaniətləri məhv nabud edə bilsinlər. Yoxsa halhazırda, müfsidlər və öz nəfini millətin rəzalətində axtaran alçaqlar sayəsində ölkəmiz o qədər məğşuşudur ki, işlər böylə davam edərsə, gələcəyimiz çox yaman olar. * * * Tələbələr məsələsi Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür. Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər. Binəva cavanlarımız 7-8 il realnı və gimnaziyalarda çalışıb, ikmal edib, şəhadətnamələr almağa müvəffəq olurlar. Ali məktəblərə girməyə haqq və ixtiyar qazanırlar. Amma pulları olmadığına görə illər ilə qazanmış olduqları haqdan əl çəkməyə məcbur olurlar və ya nə olur olsun, deyə ali məktəbləri olan şəhərlərə rəvan olub, orada da pulsuzluq cəhətdən min cürə əziyyət və bəlalərə düçar olurlar və yaxud məktəb haqqı vermədiyinə görə ixrac olurlar. Realni və gimnaziya qurtarmış tələbələrdən başqa, bir də başqaları vardır ki, məsələn, müəllimlərdən və ya məmurlardan və ya xüsusi cavanlardan 2-3 il gecə və gündüz zəhmət çəkib yəhudi, gürcü, rus cavanları ilə müsabiqə imtahanlarına girib öz elmi və qabiliyyətləri sayəsində attestat zrelosti adlanan şəhadətnamə ala bilirlər. Bu şəhadətnaməni ala bilən cavanların universitetə və darülfünunlara qəbul edilməyə haqları olur; amma yenə də pul işi aralıqda olduğuna görə, bu binəvaların zəhmətləri özlərinə qalır. Bu cavanlardan bir çoxu olur ki, fövqəzzikr şəhadətnaməni aldıqdan sonra, öz qulluğundan əl çəkib təhsili-ali dalınca gedir; lakin yenə də pulsuzluq ucundan darülfünundan əl çəkib, əvvəlki qulluğunu əlindən itirir. Söz yoxdur ki, bu tələbələrin qeydinə qalan yoxdur və heç kəs bunu nəzərə almır ki, bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq. Bu sözlər boş söz deyildir, acı həqiqətdir. Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir, ona binaən, indidən çarə axtarmalıdır ki, tələbələrimizin oxumaq şərtləri təmin edilsin ki, onların da ədədləri də ildən-ilə artsın. Oxumuşlarımız çox olsun. Bir çox dəfə cəmiyyətlərdə və qəzetələrdə “Tələbələr sandığı” barəsində danışıqlar olmuşdu və hələ elə bir “sandıq” dəxi təşkil olunmuşdu, lakin biz bu günlərdə bir tələbənin ağzından eşitdiyimiz “sandıq” sınıq düşübdür, daha mövcud deyildir. Tələbələr “sandığı” çox gözəl bir şeydir, əlbəttə, əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmalitəhsil etmiş olan tələbələrimizin hamısı da olmasa, bir çoxu doktor, injener və sair olmaqla, yaxşı maaş sahibi olarlar; ona binaən, haman tələbələr özlərinə “sandıq” tərəfindən sərf olunan məbləği qism-qism “sandığa” iadə edə bilərlər və bununla “sandığın” pulu da azalmaz, “sandıqdan” sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar. Söz yoxdur ki, öz dolanacaqlarına kifayət edən puldan başqa, fəzlə pulu olan adamlarımız əgər o puldan cüzi bir şey çıxıb sandığa daxil edərlərsə, haman sandıqda külli pul əmələ gələr ki, onunla bütün müstəhəqq tələbələrimizə kömək etmək mümkün olar. Belə bir sandıq təşkili barəsində dəfələrlə qəzetələrdə və məclislərdə sözlər olub, amma içindən bir şey çıxmayıbdır. Həmin məsələni təkrar yada salırıq, zatən belə bir işin əmələ gətirilməsinə ən əvvəlcə mövcud cəmiyyətlərimiz baş qoşmalıdırlar. * * * Ordan-burdan 44 Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz. Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur: – Bizdən başqa özgəsi olmasın, daha bəsdir, deyir. Özgələr gəlib bizim pulumuzu xərclədilər, çörəyimizi yedilər, paltarımızı geydilər, suyumuzu işlətdilər və sairə. Bu xuliqanın adı Pruşkeviçdir. Axmaq xuliqanlardan biridir. İkinci, elə ki gördü xalq ad-san qazanır, məsələn, Əhmədrza sədr-məclis olur, Tələtlər vəzir olur; amma bu bişüur olduğuna görə heç bir şey olmur, ona görə özünü guya liberal və sol adlandırıb, xalqın arasında iğtişaş salır, qan tökürdü, amma axırda yenə də özü məğlub olub qapı-qapı dilənməyə başladı. Bu xuliqanın adı İsmayıl Kamaldır. Başlı xuliqanlardandırsa da huşyar camaatı aldada bilmədi. Üçüncü, haman camaatı başına yığıb deyir ki, mən Mehdiyi Sahibzamanam və bütün Ərəbistanı tovlayıb islam olan Osmanlı dövlətinin başına min cür bəlalar açırdı ki, islam olmayan İngilis dövlətindən 5-6 qəpik-quruş alsın. Bu dələduz xuliqanın adı Məhəmməd ibni-Əli ibni-İdrisdir. Dördüncü, bu axmaq xuliqan keçənlərdə Əbdülhəmiddən bir neçə dana mis medal aldığına görə indi bütün Hindistan müsəlmanlarına iqva edir və deyir ki, Əbdülhəmid xəlifə islamdır, onu əzl etmək, yəni islam xəlifəsini əzl etməkdir. Haman xuliqan indi hürriyyət soltanının xəlifəliyini istəmir, çünki hələ bundan medal və nişan görməyibdir. Bu xuliqanın da adı Molla Məhəmməd Hindidir. Bəs, oyanmış və gözlərini açmış hesab olunan aləmi-islamı çaxnavaxnaya salan xuliqanlar bunlardır. İndi Allah eləməmiş aləmi-islamın balaca-balaca nöqtələrində, məsələn, Bakıda, Şəkidə, Qarabağda, Kazanda, Tiflisdə, Tehranda, Misirdə və sairələrində də böylə-böylə xuliqanlar baş versə, onda nə başınızı ağrıdım aləmi-islamın işi bitər. * * * Ayrı söhbət Rəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər. Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur. “Bizim adam” da yəqin edir ki, burada adam öldürülübdür. İkisi də irəli gəlib baxırlar və əhvalatın nə olduğunu görüb və bilib sonra evlərinə qayıdırlar. Evdə yevropalıdan soruşurlar ki, bazarda nə gördün? Yevropalı cavab verdi: – Bu gün müsəlmanlar böyük mitinq qurmuşdular, onların arasında bir nəfər başı çalmalı natiq elə suzinak bir dil ilə nitq söyləyirdi ki, müsəlmanların bir çoxu ağlayırdı, yəni bu natiq müsəlman millətinin cəhalətdə, qəflətdə və geridə qalmalarından söyləyirdi. Axırda da pul yığmağa başladı. Yəqin tələbələr sandığı qayırmaq istəyir ki, ali məktəblərdə oxuyan müsəlman tələbələri acından ölməsin və ya məktəbdən qovulmasın. O da belə cavab verdi: – Heç, bir nəfər lotu dərviş əvam camaatı başına toplayıb xalqın cibini soyurdu... İndi biz görürük ki, bu iki sözlərdən yaxşılığa qalanda, yevropalının sözü yaxşıdır, amma doğruluğa qalanda “bizim adamın” sözü doğrudur, vəssalam! * * * Ordan-burdan 45 – Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin xari və zəlil olmağını özləri üçün mənfəət bilən alçaqlar! Daha bəsdir, milləti əlinizdə alət və oyuncaq qayırıb o fitnə və fəsadlarınızı əmələ gətirmək! Qorxun o gündən ki, camaat ayılıb siz dəlilərin nə cürə şeytan olduğunuzu duya və başa düşə. Nə üçün xalqı iqva eyləyirsiniz? Neçin qoymayırsınız ki, xalq öz işinə, öz gücünə məşğul olsun. Nə üçün camaatı aldadırsınız? Nə üçün tazə tərəqqi başlamaq istəyən camaatın içinə pürxaşlıq və şuluqluq salmaq istəyirsiniz? Camaatın tərəqqisini sizin qurdlu və xain qəlbiniz qəbul etmirmi? Nə üçün işıq gələn yerə murdar barmağınızı tıxırsınız? Ey xain öküzlər! Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz, zəmanə öz işini edəcəkdir və pislik sizin özünüzə qalacaqdır. Rəfiqim bu sözləri deyib acığından dodaqlarını çeynəməyə başladı, soruşdum: Nə olub, nə üçün ağzından od yağdırırsan? Rəfiqim cibindən qəzetini çıxardıb qabağıma qoydu və Tehrandan gəlmiş teleqramı göstərdi. Oxudum. Orada yazılmışdı ki, bəzi adamlar Tehran məscidlərində Tağızadə cənablarına qarşı sözlər və moizələr söyləyirlər. Doğrudan da bu əhval məni dəxi pəjmürdə və pərişan etdi. Tağızadə ən tərəqqipərəst bir adam olub, millətin xeyirxahıdır. Özünün də elmi və məlumatı çoxdur. Yevropada onu yaxşı tanıyırlar və onun sözlərinə etina edirlər və əhəmiyyət verirlər. Bəs, belə olan surətdə nə üçün Tağızadəyə qarşı sözlər söyləyirdilər və nə üçün o cürə sözləri də camaat qəbul edir? Nə üçün!.. Çünki Tağızadənin adı hər yerdə çox çəkilir, amma, o birilərininki az. Ona görə də alçaq təbiətlilərə bu cürə əhval xoş gəlmir. Elmli və mədəniyyətli məmləkətlərdə elə ki gördülər bir adamın ümum millətə mənfəət vermək qabiliyyəti var, o adama bacardıqca kömək edirlər, amma bizim yerlərdə və İranda ki, mədəniyyət yoxdur, o cür adamların qabağına bəxil və xain adamlar çıxıb fitnə və fəsad qurmaqla başından batırmağa səy edərlər. O səbəbdəndir ki, mədəniyyətli məmləkətlərdə hər bir cürə hünər getdikcə tərəqqi eləyir, amma mədəniyyətsiz yerlərdə hünər və məharət sahibləri alçaq və dəni təbiət fitnəkarların fisqü-fücuruna qurban olurlar. Bunun da səbəbi, yəni fitnəkarların meydan bazarlığının səbəbi, camaatın yaxşı və yamana təfavüt qoymamağından və öz xeyir-zərərini bilməməyindəndir. Doğrudan da, əgər camaat öz xeyir və zərərini bilsə və xeyir gətirən ilə zərər yetirəni dürüst tanısa, o halda alçaq fitnəkarlara yol verməz. Dedim rəfiq, biz İranlı qardaşlarımızın ayılmalarına inanmışıq, ona görə də çox ümid eyləyirik ki, Tağızadənin İran üçün ən mənfəətli bir cavan olduğunu anlayıb da, əlindən-başından bir iş gəlməyən alçaq xainlərin başından qapazlamaqla Tağızadənin yolunu təmizləyərlər. Bundan sonra gərək camaat razı olmasın ki, alçaq müfəttinlər onları öz murdar əllərində alət və oyuncaq etsinlər. Rəfiqim başını buladı və inam olmaq istəmədi. – Amma öz tərəfimdən inanıram ki, bu iyirminci əsrdə aləmiislamda vaqe olan böyük əhvallardan sonra islam şəhərlərindəki xuliqanlar çox az meydan sürə biləcəkdirlər. * * * Bəyani-məslək “İrşad” və “Tərəqqi” qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib “hürriyyəti-kəlamə yol vermirsiniz” deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir. Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər. Əvvəla, məslək nədir? Və saniyən həmin “Həqiqət” adlı nəşrinə başladığımız qəzetənin məsləki nədən ibarət olacaqdır? Bu iki suala qüvvəmiz daxilində cavab verməyə çalışacağıq. Söz yoxdur ki, xalq arasında mübtəsil oxunan bir şeyin oxuculara bir təsiri olub. Bu təsir sayəsində oxucuların fikri də cümbüşə gəlib bir yol, bir məslək tutmaq istəyir. İndi əgər haman oxunulan şey qəzetə olsun, jurnal olsun, daim bir məslək üstündə qalıb o yoldan, o məsləkdən o yan-bu yana sərpməzsə, oxucularının da fikri haman məsləkə alışıb hər kəs müəyyən bir fikir, bir əqidə sahibi olar. Bu isə oxucular üçün mənəvi bir tərbiyədir. Yox, əgər qəzetə müəyyən bir məslək təqib etməzsə, bu halda o qəzetə oxuculardan sui-təsir hasil edər: oxuduğunu ağıl və insaf ilə tənqid və təkid etməyə alışmamış oxucuları da özü kimi məsləksiz edib, əxlaqını da pozar. Çünki məsləksizlik – yolsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzetə müzürr olan kimi məsləksiz insan da müzirridir. Əlbəttə, məsləkin yaxşısı da vardır, yamanı da vardır. Amma yenə də məsləksiz insan yaman məsləkli adamdan daha zərərlidir. Çünki yaman məslək müəyyən olduğu halda, onun zərrətini rəf etməyə çarə tapmaq asandır. Məslək nədir? Məslək – hər kəsin etiqad etdiyi bir yoldur; ümumi xoşbəxtliyini, asayiş və aramını, rəfain-halını, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xidmət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bəlkə o məsləkin daha ali və daha müqəddəs bir yola yaxınlaşması üstündə çalışmalıdır, insan öz məsləkini dəyişə bilərmi? Əvət, insan yaxşı bir məsləkdən daha gözəl bir məsləkə keçə bilər. O gözəl məsləkdən daha gözəlinə keçə bilər. Yəni özü tərəqqi etdiyi kimi, məsləki də o yolda tərəqqi edə bilər. Amma yaxşı bir məsləkdən pis bir məsləkə keçmək olmaz. Keçərsə, əxlaqsızlığı bildirər. Hər kəs öz ağıl və insafı izn verdiyi yaxşı bir məsləki qəbul etdiyi kimi biz dəxi öz aciz ağıl və bolluca insafımızca müqəddəs ədd etdiyimiz və ümumxalq üçün baxüsus əfradundan olduğumuz millətimiz üçün mənfəətli bildiyimiz məsləkimizi həmin bu “Həqiqət” qəzetəsi vasitəsilə əhaliyə təlqinə çalışacağıq. Bizim məsləkimiz nədir? Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir. İştə qəzetəmizdə yazılan məqalə və əxbar haman məslək daxilində yazılacaqdır. Məsləkimizə müvafiq olmayan məqalələrdən, əz cümlə bunu saya bilərik: fitnə və fəsad qovzayan, qərəz-şəxsi ilə yazılmış olan, bir şəxsin heç kəsə zərəri olmayan və mənfəəti-aməni xələldar etməyən hərəkatını tənqid edən və yaxud heysiyyəti-şəxsiyyəsinə toxunan, insanlıq hissiyyatını təhqir edən məqalələrə heç bir halda yol verilməyəcəkdir. Bundan başqa, savadsız və məlumatsız şəxslərin bir əhvalata və ya bir hadisəyə dair yazılmış məqaləsi kəmali-məmnuniyyətlə qəbul edildiyi halda, onun elmi, ədəbi və ümumiyyətlə, ağlı məqalələrinə də yer verilməyəcəkdir. İştə hələlik bu qədər. İndi Allahdan tofiq diləyib işə başlayırıq. * * * Oyan-buyan 1 Birdən fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetələrin hamısı durduğu yerdə bağlandı. Onda nə olar? Onda tamam Firəngistan bir-birinə dəyər. Kişi, arvad, uşaq hamısı bir-birinə qarışıb, bir çığır-bağır salarlar ki, qonşular dəli olarlar. Biri çığırar ki: – Ay kor oldum! O birisi: – Ay kar oldum! Bir başqası: – Ay lal oldum! Banklar qapanar, birjalar sönər, fabrikalar batar, dəmiryol işləməz, paroxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar – qərəz, zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar. Bəs bizim qəzetələrimiz bağlansa nə olar? – Heç zad. * * * Halımıza dair 1 Vətənimiz olan Qafqaziyada əhalimizin tərəqqisi cəhətindən qabaqda olan bir şəhərimiz varsa, o da Bakıdır. Doğrudur, Bakı şəhərində yaşayan və ədədcə müsəlmanlardan az olan sair tayfa əhlinin tərəqqisi onlardan ədədcə çox olan Bakı müsəlmanlarından iki-üç qat artıqdır. Amma genə də hər nə tövr olsa, sair şəhərlərimizə nisbətən Bakı şəhəri bu yolda çox qabaqdadır. Bu şəhərdə həm elm və həm hünər və sənayei-nəfisə get-gedə tərəqqiyə düşməkdədir və bu tərəqqi içində tərəqqiyi-məkusə bənzər bəzi hadisələr baş verirsə də, lakin bu hadisələrin nəticəsi yenə də həqiqi tərəqqinin müzəffəriyyətini bildirməyə başlayır. Doğrudur, bu şəhərdə hələ çox adam vardır ki, tərəqqini başqa bir rəngdə anlayır və bir çoxları da vardır ki, tərəqqinin nə olduğunu heç də anlamırlar. Bir çoxları da vardır ki, əhalinin tərəqqi etməsindən zərər və ziyanlarına düşdüklərini anlayıb apaşkara düşməni-tərəqqi olublar. Bir çoxları da vardır ki, anlamadıqlarından tərəqqiyə düşməndirlər – ürfi bu böyük şəhərdə hər bir cür fikir sahibi vardır. Amma yenə də həqiqi tərəqqi tərəfdarları getdikcə çoxalmaqdadırlar. Və bunların da həqiqi həyat və məişət haqqında qəbul etdikləri əqidə o qədər böyüyüb, o qədər tanınıbdır ki, onları hər vəch ilə olur olsun bu əqidədən daşındırmaq mahaldır. Bərəkət olsun ki, belə bir kamil əqidəni pozmaq və pozdurmaq xəyali-xamində olanlar da öz cəhalətləri ilə o qədər məşhurdurlar ki, daha bundan sonra onların sözləri heç kəsə təsir edə bilməz. Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anla yıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir. Bəlkə həyat içində bir məmatdır. Doğrudan da minlərcə atalar, əvvəllərdə gələcəyi heç də nəzərietibarə almayıb, günlərini qəflətdə keçirdikləri bir zamanda birdən-birə öz qəflətlərini anlayıb övladlarına tərbiyə verirlər ki, onlar gələcək həyati-bəşəriyyəyə hazır olsunlar. Özləri kimi bir çox lazımlı şeylərdən məhrum olmasınlar. İndiki əsrdə sairləri kimi yaşamaq üçün hazırlanmış adamlar lazım olduğunu hər kəs düşünməyə başlayır. Lakin çox təəssüf olsun ki, Bakıdan başqa, sair müsəlman şəhərlərində tərəqqi bulmaq yolunda heç bir fəaliyyət müşahidə olunmur. Bu şəhərlərin adamlarında tərəqqi fikri varsa da, haman fikir hələlik qüvvədən felə qoyulmur. Hətta əvvəllərdə, yəni bütün Rusiyanı xabiqəflətdən oyadan zərbədən sonra bu yerlərdə də “ləbbeyk” sədası eşidilməyə başlamışdısa da, indi o səs daha gəlmir. Bu hesabdan kənd və kəsəklərimizə gəldikdə oralar haman yazıq gəlməli halda baqi qalmaqdadırlar. Kənd adamlarımız arasında heç bir oyaqlıq hiss olunmur. Zatən bu təəccüb deyildir. Onların öz özbaşlarına oyanmaqlarına və hələ bir çox vaxt istər. Digər tərəfdən onları oyadan da yoxdur. “Xoftəra xoftə key konəd bidar” (yatan yatanı oyada bilərmi), xoftə olmayanlarda da daha artıq həvəs qalmayıbdır. * * * Əhvalımızdan Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır. O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir. Öz əhalisinin ağlı, insafı və sair hissiyyatı bizimki kimi daim təzyiq altında deyildir. Kimsə kimsəyə təərrüz etməz, zirdəst və zəbərdəstlik əhvalatı ola bilməz. Hər kəs, böyük olsun, kiçik olsun, bir miqdarda sərbəstdir. Bir şəxsin istifadə etdiyi hürriyyət digərlərinin dəxi payıdır. Və hər kəsə verilmiş olan belə bir hürriyyət bir əməl və ya bir hadisə ilə xələldar olduğu surətdə, bu iş istər əhalinin, istər hökumət əhlinin son dərəcədə nifrətinə səbəb olub, insanın rahatlığını pozan elə hadisələrin dəfi üçün hərə var qüvvəsi ilə çalışır. Bunun hamısına səbəb odur ki, o yerlərdə hər kəs öz hüququnu və özgənin hüququnu tanıyıb, öz hüququnu müdafiəyə qadir olmağı ilə özgənin hüququna təcavüz etməyə qüdrətsizdir. Əlbəttə, insanınkı da odur ki, mümkün dərəcədə sərbəst olub, heç bir təzyiq altında qalmasın, ta ki onun ağlı sərbəstanə iş görməklə, mənfəət yetirən kimi, insaf və vicdanı da sərbəst qalıb, fənalığı qəbul etməsin. Yoxsa insanın ağıl və insafı təzyiq altında iş görməyə məcbur olsa, elə insanın ağlı çox az səmərələr verib, insaf və vicdanı da fənalığı qəbula məcbur olar. Bu gün bizim və Ümumrusiyanın içində hər an vüqu bulan fəna və murdar hərəkətlərin ümdə səbəbi hürriyyətsizlikdir. Doğrudur, hürriyyətdən sui-istifadə edən və hürriyyəti, sərbəstliyi başqa bir rəngdə anlayan adamlar çoxdur. Və ola bilsin ki, o adamlara hürriyyətnamə verilsə, onlardan daha fəna, daha dar hərəkətlər baş verər. Buna heç bir sözümüz yoxdur. Lakin burasını nəzər-diqqətə almalıdır ki, elə adamların da cahilə məsələ olub da, hürriyyəti anlamadıqlarına səbəb, yenə hürriyyətsizlikdir. Nə üçün? Çünki, hərgah bir yüz əlli il bundan əqdəm hamıya hürriyyət verilsəydi, o halda bu gün hürriyyət kimi böyük nemətin qədrini bilməyən adam qalmazdı... Yəni o vaxt verilmiş olan hürriyyət sayəsində hər kəs sərbəstanə öz tərəqqisi üçün çalışıb mədəniyyət kəsb etmiş olurdu. Cəhalət də ortalıqdan rəf edilərdi. İnsanın cəhaləti elmsizlikdəndir. Elm kəsb etmək üçün də insana yol verilməlidir, mane olmamalıdır. Laəqəl hürriyyətnamədən məhrum edilmiş bir camaatın əhvalına yazığı gələn başçılar, elə etməlidirlər ki, heç olmasa camaat öz məişət və güzəranını yüngüllətmək üçün rahat və arxayın yaşaya bilsin, yəni heç kəsin istirahəti pozulmasın, qorunsun. Halbuki hürriyyətdən məhrum qalmış camaatların əksəriyyəti o böyük nemətdən məhrum olduğu kimi, hər bir müdafiə və məsuliyyətdən də məhrumdurlar. Onların asayişi və istirahətini mühafizə edəcək heç bir qüvvə olmur. Odur ki, o bədbəxt camaatın da ömr və məişəti onlar üçün bir əzabi-əlim olur. Onların içində zirdəst və zəbərdəst əmələ gəlir, qüvvətli zəifi basır, zəif də fürsət məqamında qüvvətlidən intiqam almağa başlayır. İnsanlıq itir, insanın ömrü heç bir zada sayılmır. Heç kəs öz malından, canından, övladından əmin olmur. Təəccüb deyildir ki, belə bir şərait içində keçən məişət insanın ağlını da, insafını da, pozub heç bir yaxşılığa qoymur və hər bir insanın fitrətində qoyulmuş istedad və qabiliyyəti – xariqüladəsi itib batır, bir şeyə lazım olmur. Ona görədir ki, hürriyyətnamə içində yaşayan yevropalılarda bir gün olmur ki, insaniyyətə xidmət edəcək və insanın məişətini asanlaşdıracaq bir ixtira əmələ gəlməsin. Halbuki hürriyyətdən məhrum olan camaatdan heç bir yaxşı şey çıxmır ki, onun insaniyyətə bir mənfəəti olsun. Xüsusi məişətə gəldikdə hürriyyətnamə üzrə yaşamaqla mərifət qazanmış olan camaatın və həm də eləcə mərifətli olan hökumətin nəzarəti əhalinin istirahətini, rahatican və malını hər bir təərrüz və təcavüzdən məsun qılır. Orada polis əhlinin vəzifəsi oğrunu, əyrini kənarda qoyub xalqın əqidəsini, fikir və məsləkini sınamaq deyildir. Bəlkə müxtəlif əqidə sahiblərinin əqidə və məsləkinə, mal və canına təərrüz qılmaq fikrində ola, ədəbsizləri görüb toqif və bərkənar etməkdir. Hürriyyət nemətindən məhrum qalmış ölkələrdə isə bu əhvalat tərsinədir. Əhali mədəniyyətsiz və mərifətsiz olduğuna görə insanlığın və insan kimi yaşamağın yolundan çıxıb axşam sağ və salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb ev-eşiyini öz yerində görəcəyini də bilmir. Çünki bu yerlərdə hər kəs, hər yerdə və hər bir an hər bir cürə vəhşiyanə tərizlərə düçar ola bilər. Söz, hərəkət, gediş, gəliş, pul, dövlət, büxl-həsəd, din, əqidə, aclıq və bu kimi səbəblər ucundan hər kəsin canı fənaya gedə bilər. Və belə fənalıqların vüquini dəf etməyə də heç bir tədbir görən olmur. Odur ki, bu yerlərdə də hər nə pis və murdar əməl varsa, hamısı baş verməyə başlayır. * * * Oyan-buyan 2 Rus yazıçılarından Krılov deyir ki, vay o gündən ki, çəkməçi şəkərçörəyi bişirə, şəkərçörəyi bişirən də çəkmə tikə. * * * Bizim işlərimizin axırından heç bir nəticə hasil olmamağının hikməti həmin bu sözlərlə məlum olur. Görürsən, bir cəmiyyət qurduq. Bəli, bu cəmiyyətə bir nəfər tədbirli və ağıllı bir sədr, yaxşı iş görən və iş bacaran idarə lazımdır. Kimi seçmək? Baxırıq görək, içimizdə kim... iş görəndir? Tədbir sahibidir? Xeyr, kim “ağa”dır? Tez “ağa”nın ətəyindən yapışırıq ki, gəl cəmiyyətimizə sədr ol! “Ağa” deyir: – Camaat, məni bağışlayın. Sözün doğrusu, mən bu işin öhdəsindən gələ bilmərəm. Biz deyirik: – Xeyr. Bu nə sözdür, bu nə təvazedir. Dünyada heç bir iş ola bilərmi ki, sən onun öhdəsindən gələ bilməyəsən?! Sən hər bir şeyi bacaransan, çünki sən ağasan! “Ağa” deyir: – Vallah, mən bacaran iş deyil. Biz deyirik: – Sən bacarmayan iş yoxdur. “Ağa” deyir: – Vallah məni bağışlayın. Biz deyirik: – Yox, sən bizi bağışla və millət naminə bu işi qəbul et. Yazığın gəlsin bu yetim qalmış millətə, yazıqdır, bikəsdir, binəvadır. “Ağa”nın ürəyi boşalıb, işi qəbul edir. Sonra “ağa” qalıb öz ağalığında, işlər qalıb öz işliyində, biz də şad oluruq ki, “ağanı” iş başına seçdik. Yoxsa, onu seçməseydik, bizdən inciyərdi. * * * Günlərin bir günü bir fağır kişi görür ki, bir nəfər “millətpərəst” Yevropa mehmanxanalarının birində əyləşib öz-özünə kef edir. Fağır bunun yanına gəlir ki, bəlkə buna da bir şey versin. Millətpərəst ağa soruşur: – Nərədən gəlirsən? Deyir: – Sənin ölkəndən! – Nə var, nə yox? – Şükür Allaha, hamı sağ və salamat olub, ağanın ömrünə duagurdular. A ğ a – Mənim təsis elədiyim cəmiyyəti gördünmü? F a ğ ı r – Bəli, gördüm. Heç onun kimi iş görən cəmiyyət olmaz. – Cəmiyyətin qəzetəsini gördünmü? – Bəli, gördüm. Minlərcə müştərisi var idi. – Cəmiyyətin məktəbini gördünmü? – Bəli, gördüm, onun kimi müntəzəm məktəb görməmişəm. – Məktəbdə oxuyan uşaqları gördünmü? – Bəli, gördüm. Bülbül kimi dərs oxuyurdular. Millətpərəst ağa bu sözləri eşidib kefinə məşğul oldu. Amma fağıra bir şey vermədi. Onun əvəzində mehmanxanaya daxil olan bir nəfər oğlan uşağına bir dənə qızıl bəxşiş elədi. Fağır əhvalatı belə görüb dedi: – Hərgah sizin məktəbin uşaqları dağılmasaydılar, bu uşağa çox oxşardılar. A ğ a ( t ə ə c c ü b l ə) – Məgər məktəbimin uşaqları dağıldı? – Bəli. – Nə üçün? – Çünki məktəb bağlanandan sonra uşaqlar daha dağıldılar. A ğ a – Məgər mənim məktəbim bağlandı ki, uşaqlar dağılırlar? – Bəli! – Nə üçün? – Çünki məktəbə xərc olan pulları verdilər qəzetəmizin iştiraf xərcinə və qəzetə bağlandıqdan sonra da o pul da batdı. – Məgər qəzetə bağlandı? – Bəli! – Nə üçün? – Cəmiyyətinizin əzasından birisi danos yazmışdı, onun üçün! – Məgər cəmiyyətimin içində danosyazan oldumu? – Bəli, oldu. – Nə üçün? – Çünki cəmiyyət bağlandıqdan sonra o biri əzalar cəmiyyət pulunu öz aralarında bölüşdürüb ona heç zad vermədilər. O da danos yazdı. – Məgər cəmiyyət də bağlandı? – Bəli. – Nə üçün? – Çünki cəmiyyətin sədri qoyub qaçandan sonra əzalar dedilər ki, bizə nə düşübdür? “Millətpərəst ağa” bu əhvalatı eşidən kimi əllərini göyə qaldırıb dedi: – Allah, sənə çox şükür, qayğıdan qurtardım! – deyib fağır kişiyə bir çox müjdə pulu verdi. * * * Öz qədrimizi bilmirik 50-60 il, daha doğrusu, bir yüz il bundan əqdəm Bakının ətrafı otsuz, ələfsiz bir düz olub, heç bir kəsə mənfəət vermirdi. Bu səbəbə görə oranın qədrini bilən, bu yerlərin içində yatan milyonlardan, qızıldan xəbərdar olan bir kimsə yox idi. Çox ola bilsin ki, içərisində milyonlar yatan bu yerlərin üstündə acından ölənlər də az deyildi. Amma bir gün oldu ki, bu yerlərin qədr və qiyməti bilindi. Bu yerlər artıq möhtərəm və əziz oldu. Hər bir parçaları qızıl qiymətinə bərabər oldu. Yer isə öz içindəki sərvət və samanini dişqarı çıxardıb milyonlar qazandırmağa başladı. Bu milyonlar sayəsində Bakı da, onun ətrafı da kəsb əhəmiyyət edib getdikcə abadlaşmağa başladı. İndi bizim elmdən, sənayedən məhrum qalmış olan camaatımızı həmin bu ziqiymət yerlərə təşbih etmək cayizdir. Zira heç onsuz deyil ki, camaatımız əfradi içində bütün millətə xeyir və mənfəət yetirib xəlqi başı uca edəcək adamlarımız olmasın! O adamlar vardır. Lakin onlar hələ öz istedad və qabiliyyəti-xariqüladələrini büruzə vermirlər. Çünki içərisində yaşadıqları şərait müsaid deyildir. Bütün camaatımızı bürümüş olan cəhalət hər bir şeyin, hər bir təşəbbüsün qabağını bir səddi-ahənin kimi kəsib qoymur. Nədəndir ki, Yevropada hədsiz adamlar çıxır ki, öz ağıl, fərasət və qabiliyyətləri ilə dəyil, yalnız öz millətlərinə, bəlkə ümuminsaniyyətə həm maddi və həm mənəvi mənfəət yetirirlər. Amma bizim içimizdən elələri çıxmayır. Məgər Allah-taala bizi qabiliyyətsiz, istedadsız yaradıbdır? Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait bizim dahilər üçün müsaid dəyildir. Bizdən də ümuminsaniyyət dahiləri çıxmağa yol vermirlər. Və işıq gələn yerləri bərk-bərk bağlayırlar. Doğrudan da, növicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına “min əməli şeytan” deyəndə, hankı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə düşərdi? Sair elmlərə, sənətlərə dəxi bu nöqteyi-nəzərdən baxıldığı zaman onların tərəqqisi mümkün idimi? Onları tərəqqi etdirən dahilərin zühuri qabil idimi? Hələ indiyə qədər deyil, elm, bilik sayəsində, bəlkə öz istedadi-xudadatının zorundan, gücü-bərəkətindən şairlikdə, ədiblikdə şöhrət qazanmış olan üdəba və şüəaralarımız təlin və təkfir edilməyiblərmi? İngilislər, sərvəti-təbiisindən milyonlar qazanmaqdan başqa, dünyanın ən gözəl və qiymətli bir yer guşəsi olan Hindistanı tək bir nəfər adamlarına dəyişməyə razı deyildirlər. Bu adam kim idi? Şairi milliləri olan məşhur Şekspir idi. İngilis əhli o şairi şəhiri bütün Hindistandan əziz tuturdular. Belə bir ağır şərait içində yaşadığımız halda bizim içimizdən ingilislərin şekspirlərinə müqabil adamlarımız olmadığı təbiidir, lakin orasını unutmamalıdır ki, bizim millətimiz üçün də indi və ya gələcəkdə şekspirlər istedadında yaradılmış adamlar yox deyildir. Vardırlar və bədbəxtlik burasıdır ki, biz öz cəhalətimizlə o dahilərin zühuruna mane oluruq. Onlar üçün müsaid şərait hazırlamırıq ki, öz zühurları ilə həm bizi sairlər içində başı uca etsinlər, həm də insaniyyətə bir xidmət göstərsinlər. İndiyə qədər, bu neçə illər ərzində içimizdə dahilik üçün doğulmuş əfradımız belə cahil mühit içində tərəqqi edə bilməyib bütöv istedadları ilə itib-batıbdırlar... Söz yoxdur ki, əgər Edisson da bizim içimizdə doğulub belə şərait üzrə yaşasaydı, o da bu gün icad etdiyi xariqüladə makınalığa şeytan əməli deyərdi. Və ola bilsin ki, bu gün biz içimizdə Edissonun ixtiraatına şeytan əməli deyən şəxslər Yevropada doğulmuş və bəslənmiş olsaydılar, onlar da Edisson kimi cürbə-cür ixtiraatları ilə aləmi-insaniyyətə xidmətlər göstərə bilərdilər, lakin nə fayda ki, elə olmayıbdır. Lakin indi bu iyirminci əsrdə vaxtdır ki, daha biz öz insanlığımıza diqqət yetirək. Özümüzün də sairlər kimi məharətlər göstərə biləcək insan olduğumuzu nəzərə alıb bir kərə o qara pərdəni üstümüzdən ataq. Məharət və ustadlığımızın üstünü bürüyən kəsif qabıqları yırtaq və içimizdə mövcud olan sərvət və samanın zühuruna və zühuru ilə həm özümüzə və həm bütün insaniyyətə xidmətlər göstərəcəyinə mane olmayaq. Bəsdir ki, indiyə qədər xalqın ağıl və fərasəti ilə mənfəətbərdar olurduq. Qoy bundan sonra da xalqın bizdən istifadə etməsinə yol açılsın. * * * Cəmiyyət başçılarının nəzər-diqqətlərinə Mədəniyyətli tayfalar içində bir cəmiyyət təşkil olunduğu vaxt bu cəmiyyətin bani və müəssisləri işin orasına diqqət yetirirlər ki, həmin cəmiyyətə əza olan şəxslər cəmiyyətin görəcəyi işlərdə ixtisas sahibi olsunlar, yəni əhli adamlardan olsunlar. Haman işi mütəxəssis və ətraflı surətdə bilsinlər. Söz yoxdur ki, əgər elə bir cəmiyyətin əzaları cahil və nadan olsalar, o cəmiyyətin işləri heç bir səmər verməz. Lakin bizlərdə camaatımız içində elmli adamlarımız az olduğuna görə cəmiyyətlərimizin əzalığına cürbəcür adamlar intixab olunur ki, cəhalət və nadanlıqları üzündən cəmiyyət və idarə işlərini ləngə salıb işin sürətinə, irəliləməsinə mümaniət göstərirlər. Əgər belə cahillərin cəmiyyət içində təşkil etdikləri mümaniəti cəmiyyətin sair qəyur və bilikli əzaları bərtərəf etməyə müvəffəq olurlarsa, yenə iş bir xeyli irəli getməyə başlayır. Lakin bədbəxtlik burasındadır ki, əgər o, ya bu cahil adamlar öz cəhalətləri üzündən qeyrilərinin bilik və iş bacarıqlarını görüb təşəkkürlər etmək və bilmədiklərini elələrindən öyrənmək əvəzinə boxl və həsəd büruzə verib, cəmiyyətin o sabiq xidmətçilərini xalq nəzərində töhmətli və üzüqara göstərmək yolunda əllərindən gələn xuliqanlıq və fitnəbazlığı müzayiqə etmirlər. Və belə karkün adamlar olmasa, cəmiyyət batacağını yəqin bilə-bilə yenə də bunları ləkələndirmək üçün bütün cəmiyyəti qurban etməyə utanmırlar. Mən öz ömrümdə aramızda cürbəcür cəmiyyətlər görmüşəm və təəssüflər olsun ki, belə cahil vücud əzaları və cəmiyyətlərin əzasi idarəsi içində olmuşam, belə müfəttinlərin ucundan bəzi cəmiyyətlərin tamamilə batdığını da görmüşəm! Bainhəmə belə müfəttinlərin hərəkatına diqqət yetirib onların vurduğu zərəri nəzəri-əhəmiyyətə alan başçılar olmuyubdur. Halbuki əgər hər bir cəmiyyətimizin işi belə gedərsə, axırda cəmiyyətlərimizin səmərəsini görmək çox çətin olar. Cəmiyyət başında duran möhtərəm zəvatlara cəmiyyətin hər bir işindən millət yanında və Allah yanında məsul olduqlarına görə cəmiyyətə zərər vuran və onun işlərini ləngə salan və mənafeyini xələldar edən belə vəqələrə artıq nəzər yetirmələri bədihidir ki, vacibatdandır. Çünki belə cahil və nadan müfəttin və hüsudların, xatai-fahiş olaraq, cəmiyyətə intixab edilmələrindən məqsud əsal cəmiyyətə xeyir yetirmək deyil, bəlkə öz “mən”liyini bildirmək üçün cəmiyyət içində fitnə və fəsad qovzamaqdır. Çünki bunlar alçaq fitnə ilə “sekret” tapa bilərlər. Onsuz deyil ki, bir neçə qəyur adamlar öz bilik və təcrübələri sayəsində və ya şövq və həvəsləri bərəkətindən kəmali-sədaqət üzrə can və dil ilə cəmiyyətə xidmət edirlər. Heç bir şeyə ləyaqəti və bacarığı olmayan müfəttin və hüsudlar isə cəmiyyətin bu sabiq adamlarını əvam arasında çirkin surətdə göstərmək üçün onları haqq-nahaq tənqidə başlayıb, min cürə iftira və böhtanlar ilə onları cəmaata fəna bir surətdə göstərməyə başlayırlar. Vay olsun ki, kisrəti şüğlüdən yorulmuş olan o sadiq xidmətçilər öz işlərində cüzi bir müsalihə göstərsinlər. Müfəttinlər haman dəm bunu əllərində dəstəvüz edib və birinin üstünə beşini artırıb onların dalınca şəbədələr qururlar. Halbuki özlərinin haman cəmiyyətə zərrə qədər xeyirləri olmayıb, külli-zərərləri olduğu məlumdur. Bunların da belə fitnələri və naşükürlükləri haman sadiq xidmətçilərin qulağına yetişdikdə, onlardan ən nadirləri belə fitnəyə etina etməyib, öz işlərində davam edirlər. Amma bir çoxları bu əhvaldan inciyib işdən soyuyurlar və axırda lap əl çəkirlər. İş də dağılır, batır və içindən bir fayda çıxmır. İştə belə vəqələri cəmiyyətlərimiz başında duran zəvatə mətbuat vasitəsi ilə yetirmək və onların diqqətini belə güvara işlərə cəlb etmək bizim müqəddəs borcumuzdur. Yerdə qalan tədbirlər isə bütün məsuliyyəti ilə belə haman başçıların öz öhdələrindədir. Və illa sonrakı peşmançılıq fayda verməz. * * * Tazə il, tazə meydan Pəncşənbə günü Qəməri il, cümə günü də Şəmsi il tazalandı. Köhnə il bizə nə verdi, tazə il nə verəcəkdir? Bu sualı edənlər o adamlardır ki, özlərini zaman nəhri içində cərəyan edən həvadisə tabe buraxıb, nə möclər ilə mübarizə etmək, nə də ki, sahili-səlamətə çıxmaq fikrində-deyildirlər. Cərəyani-həvadis bunları nerəyə sövq edəcəksə, etsin, heç fərqi yoxdur. Lakin belə olmaq yaxşı deyildir. Çünki hər bir nəhrdə şiş-şiş daşlar, qayalar olmaqdan başqa bir çox nəhrin də axırı dəryanın qəri-nayabıdır. Doğrusu, biz belə sual verməliyik: köhnə ildə nə qazandıq, tazə ildə nə qazanmalıdır? İnsan ildən-ilə böyüyür, irilənir, lakin bu böyüməklik, yalnız bir bədənimizin cismani böyüməkliyi deyildir. İnsan mənən də böyüyür. Hər il insanın təcrübəsi artır, biliyi çoxalır, daireyi-nəzəri genəlir. Əvvəlcə inanmadığı bir çox şeylərə inanır, əvvəlcə inanmış olduğu bir çox şeylərdən soyuyur, bir çox qaranlıq şeylər onun üçün işıq olur, belə olmaqla bərabər, hər bir tazə il hülul etdikdə köhnə il insan üçün bir dərsi ibrət olur... Huşiyar insan tazə ilə qədəm qoyduqda köhnə ildə başına gələn qəziyələri, giriftar olduğu fənalıqları, o fənalıqların nədən və nerədən əmələ gəldiklərini xatirinə gətirib səy edir ki, tazə ildə özünü belə fənalıqlardan qorusun, o fənalıqların zühuruna mane olsun. Vay o adamların halına ki, köhnə ilin dərsi ibrətlərini nəzəri-etibarə almayıb fəramuş edələr! Keçən ilin dərslərini dürüst öyrənməmiş şagird tazə ildə cürbəcür çətinliklərə düşən kimi, bunlar da tazə ildə müxtəlif məşəqqətlərə düçar olub, belə məşəqqətlərdən xilas olmaq yolunu bilməyəcəklər və özlərini şaşırıb onsuz da ağır olan məişətlərini daha da müşgülata salacaqlar. Belə olan surətdə yaxşı dəyilmidir ki, hər bir il özümüzü tazə il üçün hazırlayaq, yəni məişətimizi yüngül edəcək, özümüzü ağıllandıracaq və tərəqqi verəcək olan hər bir yaxşını inadlıq etməyib öyrənək və özümüzə zərər yetirən hər bir fənalığın dəfinə çalışaq, zühuruna razı olmayaq. Heç kəs istəməz ki, bir dəfə düçar olduğu məşəqqət, fənalıq bir də təkrar etsin. Lakin onu istəməyən şəxs haman o bollu məşəqqət və fənalığın dəfi yolunu da bilməlidir. Bilmək üçün də öyrənmək lazımdır. Öyrənmək də məlum olduğu üzrə elm və təcrübə ilə nəşvü nüma edər. O adamlar ki, onların “günü keçibdir”, yalan-doğru təcrübələr sayəsində bir nov gün keçirirlər. Lakin o insanlar ki, onların gələcəyi qabaqdadır və hal-hazırda qəyyumlar əli altında yaşamağa məcburdurlar, onları damı elmsiz, biliksiz buraxmalıdırmı! Xeyr, onları, o balaca insanları gələcək həyat üçün hazırlamamaq insaf deyildir. Və illa gələcəkdə onların işinə hər nə fənalıq gəlsə, hər nə məşəqqət üz versə, hamısının məsuliyyəti indiki qəyyumlarının üzərinədir. Allahtaala birisinə bir övlad kəramət etdikdə, onun qəlbinə evladına qarşı bir hiss-məhəbbət qoyur ki, o məhəbbət onun üçün balanı baldan şirin edir. Lakin balaya yalnız bir quru məhəbbət göstərmək azdır, çünki əgər iş yalnız məhəbbətə qalsa, onda bala öz valideynindən heç bir mənfəət görməz. Halbuki valideyn isə haman hissi-məhəbbətindən ruhani bir ləzzət almağa başlar. Balanın canını sevən ata, ana, onun qeydinə də qalmalıdırlar ki, bu şirin və əziz bala dünyada sərbəst yaşamağa qədəm qoyduqda məişətinin tikanlı yolundan qorxmasın, mübarizeyi-həyatiyə meydanında qorxudan bağrı yarılmasın. Mübarizəyə girişməyə məcbur olduqda həvadisin birinci zərbəsi altında tələf olmasın... Qərəz... Hər bir tazə il insan üçün tazə bir meydani-mübarizə təşkil edir. Bu meydanda həyat mübarizəsi vaqe olur. İnsanlar, ilk meydana axdığı cərəyan-həvadis ilə mübarizə və müharibə eliyirlər. Vay o adamın halına ki, bu meydani mübarizəyə əvvəl dəfə qədəm qoyduqda nə qılıncı ola, nə qalxanı. * * * Oyan-buyan 3 Kərbəlayı Qədim küçə ilə gedirdi.. Birdən daldan bir heybətli səs eşitdi və qorxusundan layənşüur kənara tərəf qaçdı və – “dala baxım” – dedikdə örtülü faytona bənzər bir araba atsız, öz-özbaşına bunun yanından ildırım kimi keçdi. Bu araba avtomobil idi. Kərbəlayı Qədim araba gözdən itincə onun dalınca baxdı və sonra dedi: – Allah şeytana lənət eləsin ki, kafirlərə bu cürə əməl öyrədib. Arabanı atsız yeridən bu kafirlər axırda hər şeyi şeytan əməlinə döndərəcəklər. Genə bir gün Kərbəlayı Qədim küçə ilə gedirdi. Gördü ki, bir araba küçənin yarısında palçığa batıb, atlar dartıb çıxarda bilmirlər. Arabaçı isə qırmancı doluyub bu atları döyür və harası gəldi vurur. Dilsiz, ağılsız heyvanlar qırmanc altında dartınırlar ki, bir tövr arabanı çıxartsınlar. Lakin mümkün olmur. Arabaçı isə atların başına, gözünə döyür. Kərbəlayı Qədimin atlara yazığı gəlib arabaçıya dedi ki, ay zalım, axı bu heyvanlar yazıqdırlar, canları inciyir. Sən o dünyada bunların cavabını necə verəcəksən? Bunu deyib öz-özünə fikir etdi. – Allahın altında bir gün oleydi ki, bu heyvanlar insanın zülmündən xilas olaydılar! O əsnada genə bir heybətli səs gəlib, bir avtomobil bunların yanından şıdırğı ilə keçdi... * * * Hər işi öz əhlinə tapşırmalı Çox vaxt bizim cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinə və bir tez zamanda pozulub dağılmasına səbəb odur ki, o cəmiyyətin başında duran və işlərinə məşğul olan adamlarımız əhl adamlar olmayıblar. Həmin üzərlərinə götürdükləri məsuliyyəti və vəzifəni layiqincə ifa edə bilmirlər. Elə bilmədiklərinə səbəb müsamihə, səhlənkarlıq və etinasızlıq deyil, bəlkə öz vəzifələrində əhl olmadıqlarıdır. Çox vaxt görürsən ki, bir iş başına qoyulmuş və ya öhdəsinə müəyyən bir vəzifə verilmiş adam haman işin üstündə o qədər çalışır ki, lap “qabıq qoyur”. Amma yenə də bir nəticə hasil olmur. Axırda o qədər özünü əziyyət və zəhmətə salır ki, həm cismən, həm də ruhən yorulur, xəstələnir və axırda işə yaramaz olur. Deməli, binəva həm özünü əldən salır, bütün gücünü itirir, həm də işin irəli getməsinə mane olur. Bu nədəndir? Çünki üzərinə götürdüyü işin əhli dəyildir. İşdən başı çıxmır. Onun üçün də nerədə zəhmət çəkmək, qüvvət sərf etmək, fəaliyyət göstərmək lazım olduğunu bilməyib, lazım olmayan yerdə nahaq yerə o qədər zəhmət və əziyyət çəkir ki, axırda tamamilə yorulur. Halbuki əgər haman iş öz əhlinə tödi olunsa, yəni o işi müxtəs bilən bir adama həvalə olunsa, əvvəla, həm iş irəli gedər, həm də iş sahibi heç də özünü əbəs yerə yormaz. Məşrutəli dövlətlərdə, yəni o dövlətlərdə ki, bütün dövlət idarəsindən məqsud əhaliyə olduqca artıq mənfəət yetirib ehtiyacatını rəf etməkdir, həmişə ona diqqət olunur ki, hər işin başında əhl adam olsun. Məsələn, nəqdiyyə və maliyyə işlərini gözəlcə bilən bir adama maliyyə vüzəratı qoyub da heç vaxt hərbiyyə vəzirliyi verməzlər. Yaxud nəşri və təmin maarif işlərində ixtisas sahib olan bir kəsi maarif vüzəratı qoyub da heç bir halda xariciyyə vəziri etməzlər. Sair vəzifələrdə bu nöqteyi-nəzərdən öz əhli adamını tapar. Ona görə də haman dövlətlərdə millət və dövlət getdikcə tərəqqi tapmağa və istirahətlə yaşamağa başlar. Amma o dövlətlərdə ki, onların tərzi-idarəsi camaat mənafeyini gözləmək əsası üzrə qurulmayıbdır, orada artıq əhli adamlara o qədər diqqət yetirməzlər və bir işə birisini təyin etdikdə onun bu işdə əhli olduğunu, ixtisas sahibi olduğunu axtarmazlar. Bəlkə camaata zərrəcə mənfəəti olmayan başqa fikirləri nəzərdə tutub hər kəsi nerəyə olsa soxarlar. Odur ki, o cürə dövlətlərdə də camaat həmişə miskin və zəlil bir halda olar. Məsələn, İranın, Türkiyənin keçmiş halları və sairə... İştə bizlərə də vacib və lazımdır ki, hər bir işdə öz əhli adamını axtara və o işi ona tapşıra. İndi o adam öz hal və ozainə görə nə payədə olursa-olsun, heç fərqi yoxdur. Təki öhdəsinə verilən işin əhli olsun. Belə mühüm bir əmrdə xatir gözləmək, birisinin cah və rütbəsini nəzərə almaq, birisinin xoşuna gəlmək kimi bir qəsd ilə meydana girmək haman mühüm işə və bütün millətə xəyanət etməkdir. Madam ki, bir şəxs bir işi bacarmır, o işdən heç bir xəbəri yoxdur, o halda ona haman işi həvalə etməyin mənfəəti-ümumi yetirmək nöqteyi-nəzərindən heç bir məqu mənası ola bilməz. Yox, əgər haman əziz şəxsin nə tövr olursa olsun bir iş başında durması və ya bir işə təyin edilməsi lazım isə, o halda onun üçün elə bir iş seçməlidir ki, o işi bilir, o işin əhlidir. Zənn edirəm ki, o surətdə həmin əziz sayılan şəxs bizim içimizdə daha əziz və daha möhtərəm ola bilər. Və illa bilmədiyi və bacarmadığı işə qoyularsa, daha da o izzət və hörməti itirər və xalq yanında məhcub olar. Bundan başqa, madam ki, bir şiə əhli adam seçildi və iş də ona tapşırıldı, ondan sonra həmin əhli adamı tamam və kamal sərbəst buraxmalıdır; heç bir halda onun işinə qatışmamalıdır. Onun əl-ayağına dolaşmamalıdır. Təəssüflər olsun ki, bizlərdə – nerədə olursa-olsun elə bədxülq adamlar var ki, bilməyə-bilməyə özgəsinin işinə qarışmaq onun üçün bir adətdir. Gərək nə tövr olsa, hər yerə əl qatsın. Bu adamlar müzürrdürlər. Ona görə əhli adamları belə müzürr şəxslərdən qorumaq da ümdə şərtlərdəndir. Bundan başqa, bizim boşboğaz tənqidçilərimiz də az deyildir. Bu tənqidçilərin bəziləri öz boşboğazlıq adətlərinə görə, bəziləri də məhz qərəzi-şəxsi ucundan hər yerdə və hər zamanda oturub, durub əhli adamları tənqid etməyə başlarlar. Əlbəttə, həqiqi və doğru tənqid vacibdir və mənfəəti də çoxdur. Lakin cahilanə tənqid çox zərərdir. Çünki cahil tənqidçi heç bir şey anlamır. Yaxşı-yaman seçə bilmir. İştə haman əhli adamları belə tənqidçilərin şərrindən də xilas etmək işin sürətlə irəliləməsinə səbəb olar. İndi hər işlərimizdə yuxarıda saydığımız şərtlərə rəayəti-tam olunsa, həqiqət çox mənfəət görərik. Yox əgər olunmasa, mənfəət əvəzinə zərərə düçar olarıq, necə ki, oluruq... * * * Ticarət İnsanların həyat və məişətində ən böyük rol oynayan xüsusi ticarətdir. Ticarət insanların kəsbi-ruzusi üçün bir vasitə olmaqdan başqa, din, milliyyət, sinif, firqə və sairə bu kimi ayrılıqlarla bir-birindən ayrılmış olan insanlar arasında bir münasibət və bir rabitə təşkil edir və bununla insanları bir-birinə yaxınlaşdırır. Bundan əlavə ticarət özözlüyündə hər bir insanı tərəqqiyə sövq edən, ağlını artıran, gözlərini açıq edən və huşyar qılan bir vasitədir. Ticarətin insanın ruzusu üçün bir vasitə olması aşikardır. Odur ki, ticarətləri tərəqqi etmiş bir dövlətin və dövlətin təbəəsi olan camaatın sərvət və samani, ticarəti tənəzzüldə olan dövlət və camaatlardan qat-qat artıqdır. Zatən, ticarət olmasa, dövlətin xəzinəsi də dolu olmaz. Odur ki, hər bir dövlət, öz camaatının ticarətini artırmaq üçün əlindən gələn tədbirləri müzayiqə etmir. Dövlətlər arasında ittifaq düşən müharibələrin bir çoxu da ticarət üstündədir. Bu gün Amerikanın, İngiltərənin bir o qədər sərvət və samanə malik olmalarına səbəb məhz ticarətlərinin tərəqqisidir. Heç bir dostluq, aşinalıq insanları bir-birinə o qədər mərbut edə bilməz, necə ki, ticarət. Ticarət işində haqq və hesab düz olsa və rəqabət öz qaydası hüdudundan xaric çıxmasa, insanlar arasında heç bir münaziə və münaqişə törəməz. Çünki mənafeyi-ümumiyyəni xəlaldar edəcək hadisələrə heç bir tərəf razı olmaz. Tarix göstərdiyi üzrə ən qədim zamanlardakı insanlar arasında hələ ticarət yox idi; o vaxtlar ovçuluq, maldarlıq və köçərilik ilə yaşayan insanlar arasında da heç bir rabitə və münasibət yox idi. O vaxt insanlar bir-birinə biganə idilər, yad idilər. Bir-birlərindən vahimə edirdilər. Aralarında etibar və etimad yox idi. Lakin insanlar köçərilikdən, ovçuluqdan əl çəkib oturaq halda yaşamağa başladıqdan sonra bunların arasında ticarət başladı və getdikcə tərəqqi edib bu ticarət sayəsində insanlar bir-birini gördü, tanıdı, bir-birinə yaxınlaşdı. Aralarında etibar və etimad törədi... və bunun sayəsində idi ki, şəhərlər tikildi, yollar açıldı və insanın hər yerə yolu oldu. Yuxarıda ərz olunduğu üzrə ticarət insanın ağlını artırır, huşyar edir. Doğrudan da ticarətə məşğul olan adam hər yerdə öz mənafeyini güdmək, gözləmək və artırmaq üçün cürbəcür vasitələr, vəsiqələr arayıb, səyahətə məcbur olur, görmədiyini görür, bilmədiyini bilir, özündən şeylər icad edir, qərəz hər halda fikrini açıq saxlamağa vadar edilir. Təəssüflər olsun ki, biz hər bir işdə pəsmanda olduğumuz kimi, ticarət işində də çox geridə qalmışıq. Sairləri bütün fikir və ağıllarını öz ticarətlərinin tərəqqisi yolunda sərf etdiyi bir zaman, biz də başımızı puç və mənasız xəyalət ilə doldurub, bir-birimizin canına düşmüşük ki, filan adam, filan yerdə belə oldu, filankəsin əqidəsi gecdir. Filan adam papağını düz qoymur və s. Əziz olan vaxtımızı da hamamlarda keçirmişik. O səbəbdəndir ki, ticarətimiz tərəqqi etməyibdir. Sairlərə möhtac olmuşuq. Hal-hazırda da özgə tayfalardan götürülmüş olan on nəfərin beşi tacir, üçü sənətkar, ikisi alim olduğu halda, bizdən götürülmüş on nəfərin üçü tacir, biri sənətkar, yarımalim, qalanları da müftəxorlardır. Zatən hal-hazırda da bizim tərəqqimizə mane olanlar da həmişə müftəxorlardır ki, puç və çürük xəyalət ilə ticarət və sənətə məşğul olan adamlarımızı da işdən-gücdən fariq edib qoymurlar ki, xalq öz fikirlərini öz işlərinin tərəqqisi yolunda sərf etsinlər. O səbəbdəndir ki, bizim tacirlərin çoxusunda gözüaçıqlıq yox, şövq və həvəs yox, kəsalət, ətalət bol-bol, rəqabət nə olduğunu və nə yol ilə rəğbət faydalı olduğunu əsla bilməz, buna görə də ticarəti tərəqqi etməz. Alma satandırsa ömrü olanı alma satan qalar, baqqaldırsa, ölənə qədər baqqal olar, müştəri cəlb etmək vasitəsini anlamaz, ticarəti yolunda lazım olan bilik və təcrübələrə heç əhəmiyyət verməz. Özünün də tövsei ticarət işində heç bir cürəti olmaz. * * * Rəhbərlərimiz Hər bir millətin təkamül və yaxud inqilab təriqilə tərəqqi və təməddününə səbəb, o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələrinin olması tarixi bir həqiqətdir. Haman firqələrdir ki, öz millətini müxtəlif yollar ilə irəli aparmaq yolunda ciddi-cəhd edib və böyük mərdanəlik və fəaliyyət göstərib, qabaqlarına çıxmaq və hər bir cürə mümaniətlər ilə mübarizə və mücahidə etməklə biləxərə öz məqsudlarına nail olublar. Firəng olsun, nemes olsun, yapon olsun bu tayfalar hamısı bugünkü tərəqqi, təməddün və rifahi hal ilə asudə məişət keçirmələri də haman başlarında duran və onları təriqi-səadət və tərəqqiyə tuş edən firqeyi mücahidlərinə borcludurlar. Firqeyi mücahidindən məqsudumuz bir neçə adamın, özlərini millət rəhbəri hesab edib tərəqqi etmək adı ilə bilib-bilmədikləri işlərə mübaşir olmaq deyildir. Bəlkə hər kəs, milləti tərəqqi etdirəcək bir sənət, bir əmələ öz qəlbində bir şövq və həvəs hiss etdiyi surətdə haman əməlin dalınca düşüb, onu xalq arasında nəşr və təmim etmək, onunla xalqın ya ağlını və yaxud hissiyyati-aliyəsini nəşvü-nüma etdirməklə xalqa maddi və yaxud mənəvi bir xidmət göstərmək işində davam etməkdir. İştə mütərəqqi və mütəməddin millətlərin dərəceyi-tərəqqinin ali payəsinə nail olub da bizlərə nisbətən xoş gün keçirmələri öz karkün adamları sayəsindədir. Bu gün o millətlərin tərzi-məişəti də bizimkindən dəfələrcə xoşraqdır. Orada hər bir fərd mənafeyi-ümumiyyənin nədən ibarət olduğunu və bu mənafeyi-ümumiyyə ilə hər kəsin də mənfəəti-şəxsiyyəsi təmin edildiyini dürüst anlayıb əsil insana yaraşan bir tərzlə ömür sürürlər. Orada hər bir fərd, hər kim olursa-olsun, öz-özlüyündə öz tərzi məişətində onu təzyiq edə biləcək və onun hüququna və hürriyyətişəxsiyyəsinə xələl yetirəcək şeylər ilə müqəyyəd deyildir. Məgərinki bunun hürriyyəti şəxsiyyəsi başqaların hüquqi şəxsiyyəsinə təcavüzdən ibarət olmasın, bu isə onlar üçün heç bir qeyd olmuyub bəlkə özləri arzu edən şeylərdəndir. Çünki özgənin hüququna toxunmaq, ya hürriyyəti-şəxsiyyəsinə əl atmağın böyük bir şərr və zərəri olduğunu hər bir fərd çox gözəl anlayır. Xülasə onlar hamısı birlikdə hər bir yaxşını təqdir və hər bir yamanı təkdir və təqbih etməyə qadirdirlər. Yaxşı ilə yamanı da dürüst anlamaq üçün elm və sənaye sahəsində tərəqqi etmək lazımdır. Bu elm və sənayenin, yəni tərəqqi yolunun xalq üzərinə açılmasına da səbəb başçı firqələridir. Lakin bizlərdə hələ elə rəhbərlər yoxdur, yox olmalarına da səbəb ümum camaatımızı bürüyən, əhatə edən ətalət və kəsalət ilə bərabər, rəhbərliyə layiq olan şəxslərimizin məişətcə dar gün keçirmələridir. Bu halda bizim hər bir fərdimiz öz tərəqqisi üçün bir rəhbərə möhtac olduğunu hiss edir. Lakin bu rəhbərlər öz rəhbərlik işlərinə ehtimal və diqqət ilə məşğul olmaq üçün məişətcə təmin olunmalıdırlar. Doğrudan da rəhbər olmaq istedadını haiz olan şəxslərimizin öz aramızda qədr və qiymətləri bilinməsə, onlar təmini məişət üçün başqa yerlərdə başqa tayfalar içərisində və ya başqa bir yolda işləməyə başlayıb, fayda verə bilməzlər. * * * Oyan-buyan 4 Maarif işləri, yaxud şurayi-valideyn B i r a t a – Cənabi müdiri-məktəb, sən mənim oğluma farsı, ərəbi, türki, nə bilim nə – nə deyirsən! Baba, oğul mənim dəyilmi? Mənim oğluma onlar lazım dəyil. Mənim oğluma lazım olan odur ki, bu gün bir urusu görəndə onunla “işto-mişto” eliyə bilsin. Allah atana rəhmət eləsin. Mənim oğlumu urusca öyrət. O b i r i a t a – Cənabi molla! Sən mənim oğlumu kafir eləmək istəyirsən, amma mən razı olmayacağam. Oğul gərək müsəlmanlığında baqi qalsın. Təvəqqe eliyirəm, bundan sonra mənim oğluma bulud nədir, ildırım nədir, ulduz belə gəldi, filan... bu cürə sözləri deməyəsən. Mənim oğluma şəriət öyrət, şəriət. Çünki, istəyirəm sonra oğlumu təhsilə göndərəm. Ü ç ü n c ü – Cənabi müdərris! Hərçəndi ola bilsin ki, sən məndən çox oxuyubsan. Amma mən özüm də az oxumamışam. Bu saat “Tarixi- Nadiri” su kimi içərəm. “Gülüstanı” sənin üçün göz yummadan oxuyaram. Firdovsidən yüz beyt əzbər bilirəm. Ona bina heç insaf deyil ki: Bər danayani romuzi agahi və dəqiqə şünasani hekməthayi ilahi... Ondan sonra: Ki Rüstəm, yəli bud dər Sistan. Mənəş kərdəəm Rüstəme-dastan. Və bir də: Bənde haman beh ke, ze təqsire xiş. Ozr bədər gahe xoda avərəd. kimi dil bilən bir atanın oğluna bu cür sözləri öyrədəsən. Məsələn, Qasım atdan düşdü. Yanan yerdən tüstü çıxar. Atam dörd put saman aldı... “Həqiqət insafdan kənar işdir”. Sən mənim oğluma farsı öyrət, farsı. D ö r d ü n c ü – Cənabi molla, çox təvəqqe edirəm ki, mənim oğluma uruscanı öyrətmə. Qoy müsəlmanca oxusun. Urusca oxumasına böyük anası evdə razı olmur. B e ş i n c i – Ağa molla, sən ki mənim oğluma bəzi vaxt hesab, kitab öyrədirsən, məsələn, bir tacir 600 pud qənd alıb, pudunu 1 manatdan satdı, nə bilim, 89 dəfə 100 neçə olar! Sən gəl o hesabları de ancaq oğlumun əvəzindən onları mənim özüm axşamlar sənin üçün çötkədə hesablayıb, səhər uşaqnan göndərərəm, yoxsa, oğlum uşaqdır, indidən ona o cürə hesab, kitab öyrətsən, axırda uşaq xarab olub, dələduz çıxar, uşaq nədir, o cür hesab-kitab işinə qarışdı nədir? Onunku odur ki, dərs oxusun, dərs. M ü d i r –???!!.. (Bərk bir ah çəkdi.) * * * Dil Zənni-acizənəmcə, dilimizin islahı barəsində yazmadan qabaq, dilimizin əbqasi xüsusunda danışıb demək daha əfzəldir. Çox vaxt rus qəzetələrində bu nov xəbər oxunur: filan müsəlman qəryəsində hökumət bir məktəb açdı, lakin əcnəbi dilinə qarşı xüsumət ibraz edən əhali bu məktəbə həvəslə uşaq qoymurlar. Yaxud filan məktəbin müəllimi rus olduğuna görə əhali məktəbə uşaq vermək istəmir. Bundan başqa, özümüz də bir çox ataların ağzından bu sözü eşitmişik ki, filan məktəbdə müsəlmanca oxunmadığına görə biz də oraya uşaq qoymaq istəmirik. Əvvəl nəzərdə bu cürə əhvalat hər kəsə, yəni milli tərəqqi tərəfdarlarına çox xoş gəlir. Onlar belə zənn edirlər ki, rus məktəbinə, rus müəlliminə “müsəlman dili olmamazlığa” qarşı etiraz edən müsəlmanlar öz ana dillərini o qədər sevirlər ki, o dil tədris edilməyən məktəbə uşaq qoymaq istəmirlər. Yəni bugünkü polyak, yaxud leh tayfası kimi hərəkət edirlər. Öz məktəblərinin tərəqqisini arzu edirlər. Lakin heyhat, zahirdə xoş görünən bu əhvalatın batininə əl vurulsa, çox puç, əsassız və kədəravər nəticələrə düçar olunar. Polyakların əcnəbi dildə tədris edilən məktəblərə qarşı qəlblərindəki nifrət, öz millət və milliyyətlərini sevməkdən və milliyyətlərinin ən böyük bir əlaməti olan dillərinin qədir və qiymətini bildiklərindəndir. Çünki onlar burasını çox gözəlcə anlayıblar ki, hər bir millətin bütün milliyyəti ilə bəqasına baş səbəb onun dilidir və dilinin tərəqqisidir. Amma bizim adamların xristian dillərinə qarşı ibraz etdikləri xüsumət məhz fanatizm ucundandır, nəinki millət və milliyyətlərinin və milliyyət əlaməti olan dillərinin qədir-qiymətini bilməkdəndir. Bunun dəlili çoxdur. Bir ərəbdən soruşursan ki, sən kimsən? Deyir: – Ərəb! – Sən nə dindəsən? – İslam. – Nə dildə danışırsan? – Ərəb. İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir. Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdüllah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, gürcü və sairə. Amma bizim bir nəfərimizdən sor ki, sən kimsən? Deyər müsəlmanam. – Hankı millətdənsən? – Müsəlman millətindən. – Nə dinindəsən? – Müsəlman dinindən. – Nə dili danışırsan? – Müsəlman dili. Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman – yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur. Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar. Hərçənd mətləb o qədər aydındır ki, bu barədə artıq danışmağın lüzumu olmasın gərək. Lakin genə də bir para oxucularımızı mülahizəyə alıb tozih məqal üçün bunu da əlavə edirik ki, bizim bu sözlərimizdən məqsəd müsəlmanları bölük-bölük edib ittihad-islami pozmaq dəyildir. Çünki əvvəla, ümum müsəlmanlar doğurdan da cürbəcür millətlərdən əmələ gəlməkdədir və saniyən ittihadı-islam ondan ibarət deyil ki, ərəb, fars, türk və sair islamlar bir-birinə qarışıb bir millət olsunlar. Bu, mümkün olan iş deyildir. Çünki ərəb nə qədər istəsə də, heç vaxt türk ola bilməz. Ya türk çalışsa da, heç bir vaxt dönüb ərəb ola bilməz. Bu, təbii bir qanundur. Palıd ağacı heç vaxt armud ağacı ola bilməz. Əgər palıd ağacını armud ağacı eləmək istəyiriksə, mümkün olmaz. Palıdın ancaq kökü palıd bələsi əvəzində alma meyvəsi almaq mümkündür. O halda da palıdı calamaq, peyvənd eləmək lazımdır. O surətdə genə palıdın özü yox, onun üzərincə qalanmış şaxdan alma gözləmək olar. Əlbəttə, əgər iş calanmağa qalsa, insanı da calamaq mümkündür. Məsələn, bir türk Ərəbistana gedib ərəb arvadı alar, sonra oğlunu da ərəb qızına evləndirər... Əlbəttə, nəvəsi ərəb olar... Amma madam ki, bizim bu surətlə ərəb və ya fars olmaq təşəbbüsündə dəyilik, ona görə türklüyümüzdə baqi qalırıq. Buna görə də dilimiz türk dilidir. İndi həmin bu türk dilimizin əvvəla, baqi qalması və saniyən tərəqqi etməsi və islah olunması barəsində çalışmalıyıq. “Baqi qalması” sözlərinə oxucularımızın diqqətini cəlb etməkdən məqsədimiz, dilimizin baqi qalmamaq ehtimalı olduğunu bildirməkdir. Çünki doğrudan da əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir. İndi dilimizə əhəmiyyət vermədiyimiz nə yerdən məlumdur? O barədə gələn səfər. * * * Biz öz dilimizə əhəmiyyət verməmişik. Dilimizin qədrini və qiymətini bilməmişik. Buna şahid, əvvəla, üsuli-qədim məktəblərimizdir, hankı ata öz övladını üsuli-qədim məktəbinə qoyduqda o məktəbdə oğlunun nə dildə dərs oxuduğuna əhəmiyyət veribdir?.. Heç biri... Atalarımız ancaq bununla təsəlliyab olubdurlar ki, o məktəblərdə “müsəlmanca” oxunur. Və müsəlmancadan ibarət guya ərəb və fars dilləri imiş, çünki həmin məktəblərdə bu dillərdən başqa özgə bir dil oxunmur. O, – eyb olmasın – məktəblərin – yenə eyb olmasın – “proqramı” məlumdur: əvvəlcə çərəkə, sonra cüzi-Quran, sonra Quranın məddi, ondan sonra “Gülüstan”, “Bustan”, “Əbvab”, “Tarixi-Nadir”, “Hafiz” və sairin fars kitabları. Odur ki, o cür məktəblərdən çıxmış, daha doğrusu, qaçmış uşaqlar, təbiidir ki, türkcə heç bilməzlər, farsca danışmaq bacarmazlar, ərəbcə ancaq qiraət oxumaq bilərlər. O da şərtnən ki, ərəbcə kitabda zirzəbər qoyulmuş ola. Əhalimizi təşkil edən əfradın bir parası molla və “şibhi molla”- lardır, bir parası mollaların müridləridir, bir parası da intiligentlər və “şibhi intiligent”lərdir. Bir parası da bunların müridləridir. Mollalarımızdan türkcə biləni, yəni türk sərf və nəhvinə mütabiq yazıb danışmaq bacaranı yox dərəcəsində azdır. Mollalarımızın müridlərindən “savadlı” olanları varsa, onlar da yazı-pozularını, məktub filanlarını farsca yazarlar, o da min cür qələt ilə. Məsələn: hesablarında – roqəni səmərqənd – pinc batman, mali-zəri-rusi – həft – arşın, qəbz – əz hacı... filan vüsul şüd divist pəncah mənat nəqd. Hələ bunlardan bəzilərn türkcə bilməməyi özləri üçün bir “fəxr” də hesab edirlər. Təsadüfən əllərinə düşmüş türkcə bir kitabı açıb farsca oxuyurlar. Bundan başqa, üsuli-cədid məktəblərində guya “müsəlmanca” oxunmuyur – deyə şikayət edən bu cənablar, indi də “taza modaya” görə hesab kitablarını, məktublarını rusca yazdırmağa qeyrət edirlər. Kart vizitləri üzərlərində adları rusca, dükan qabağındakı elanları əksərən rusca, dəftər-kitabları, buqalterləri yəhudi, ya rus olmaq şərti ilə rusca, təqvimləri rusca, blankları rusca, konvert (zərf)ləri üzərində adları rusca, rusca olmayanları da farsca. İmza və qolları ənvait müsibətlə oxuna biləcək: surətdə rusca. Özləri də xoşg müqəddəsdirlər, “müsəlmanca” dərs istəmirlər. Yəni bir məktəb açasan ki, içində yalnız ərəb və ya fars dili təlim edilə – zərər yoxdur – “müsəlmanca”dır deyə iktifa edirlər. İntiligentlərimizin də türkcə bilməmələri və onların müridlərinin də türkcə bilmək istəməmələri aşkar bir əmrdir. Deməli, nə o tərəfdə qeyrəti-milliyə var, nə bu tərəfdə. Millət və milliyyət nə olduğunu o tərəf anlamır, bu tərəf də anlamaq istəmir. İçimizdə bir ovuc millət qədrini bilən, öz milliyətin sevən adamlarımız varsa da, bunların bu yoldakı səy və zəhmətləri ancaq özlərinə qalır, qəzetə yazırlar, özləri-oxuyurlar. Türkcə kitablar nəşr edirlər, ancaq özlərini xərcə salırlar, başqa milli təşəbbüslərə əl vururlar, məyus olurlar, çünki bu tərəf puç, o tərəf bərbad, yerdə qalanlar da bisavad. * * * Oyan-buyan 5 A balam, sən nə üçün ağlayırsan? dərs kitablarından Sənə nə olub, sənə nə olub? Sənə nə olub, ağlarsan? Şeyx Sənan * * * Tazə doğulmuş uşaqların əksəri ağlağan olar. O cürə uşaqlara “kor” uşaq deyərlər. Yaxud deyərlər ki, bu uşaq çox “korluq” edir. Allah “nervinni” adamlardan uzaq eləsin. Bu cür “kor” uşaqlar ata-anadan başqa qonum-qonşuların da baş-beynini aparar. Səhər, günorta, axşam, gecə, müttəsil bunu eşidirsən: – İnqa, inqa, inqa!.. Yorulmuş və yuxulu anasının səsi gələr: – Ay balam, di yat, dincəl də! Amma uşaq yatmaz və “inqa”sına davam eylər. – İnqa, inqa, inqa!.. Atasının anasına xitabən səsi gələr: – Əşi, sənin bu ölmuşün bizim dirriyimizi korladı. Döşünü ver ağzına... Uşaq bir qədər əmər və sakit olar. Amma birdən-birə ağzını anasının döşündən çəkib genə başlar: – İnqa, inqa, inqa!.. Bu səfər anasının acığı dutar. – Əşi, di öl... Vallah elə vuraram, bir də səsin çıxmaz. Amma bu hədə-qorxu uşağa kar eləməz. Uşaq “inqa”sından əl götürməz. O halda qonşuda olan qarı arvad yerindən durub yorğanı çiyninə salar və düz uşaqgilə gələr, anasına deyər: – Ay arvad, uşağın üstünə çığırma, pis şeydir, sən bir azca xubgər (xabkər) qayır, ver uşağın ağzına, yuxu tutsun. Anası durub qarının təlimi ilə xubgər qayırar və qaşıqla uşağın ağzına tökər. Doğrudan da uşağı yuxu tutub yatar. Ata-anası qarı arvaddan razılıq edərlər. O da xalqa bir yaxşılıq etdikdən dolayı özü də xoşhal olub, evinə qayıdar. Amma bir-iki saatdan sonra genə yatanlar oyanar. Uşağın “inqa, inqa”sı ərşi-fələkə çıxar. * * * İndi həmin bu Kirid məsələsi yazıq Osmanlı üçün bir “kor” uşaq olubdur. Kiridin “inqa, inqa”sından qulaq tutulur. Bir neçə ay bundan əvvəl Kiridin haman “inqa, inqa”sını anası olan Osmanlını lap “hələk” eləmişdi. Ana balasına döş verdiyi kimi, bu da Kiridə avtanomiya verdi, lakin Kirid “inqa, inqa”dan əl çəkmədi. O halda Osmanlı şapalaq hazırladı, amma qonum-qonşu tökülüb qoymadılar və Kiridə “xubgər” verdilər. Kirid yatdı. Qonum-qonşu çəkildi. Osmanlı da öz işinə məşğul oldu. Amma indi bu günlərdə genə Kirid oyanıb, “inqa, inqa”sını ərşifələkə çıxarıbdır. İndi Osmanlı nə etsin? * * * Keçək əvvəlki mətləbə. Bəli, uşağın “inqa-inqa”sı tazədən ərşi-fələkə çıxar, o surətdə ağıllı ana adam göndərib bir həkim çağırar, deyər ki, bax gör bu uşağa nə dərd dəyibdir ki, dincəlmir. Həkim uşağa baxar və deyər ki, bunun qarınağrısı vardır və qarnını ağrıdan da filan şey və filan şeydir. Sonra dərman yazar, o dərman uşağın qarnını ağrıdan şeyi tələf edər, uşaq da rahat olub daha bir də “inqa, inqa” eləməz. * * * İndi keçək ikinci mətləbə. Şübhəsizdir ki, Kiridin də qarnının ağrısı vardır. Onun qarnını ağrıdan da, söz yoxdur ki, yunandır. Bəs Osmanlıya lazımdır ki, bu qarını ağrıdana qarşı bir tədbir görsün. Yoxsa qonum-qonşu “qarı”larının “xubgər”ləri heç bir mənfəət verməyib, bəlkə axırda “uşağı” tiryakxurd edə bilər. Tiryakxorluq da məlumdur ki, həm şərən, həm ürfən, həm tibbən, həm əqlən və həm nəğlən haramdır. * * * Hümmət lazımdır Ümumfirəngistan məmləkətində, baxüsus Firəngistan paytaxtı və mədəniyyət mərkəzi olan Paris şəhərində böyük yağıntılıq olub, çaylar daşıb, şəhəri xarab etdiyini oxucularımız qəzetəmizdə yazılan xəbərlərdən bildilər. Şübhəsizdir ki, hər yerdə belə bir fəlakət və müsibət üz verdikdə onun ən böyük zərbəsi əhalinin kasıb və fəqir adamlarının və ailələrinin başına düşür. Hamıdan çox zərərdidə olan onlar olurlar. Parisdə də həmçinin əhalinin zəhmətkeş sinfi bu müsibətdən böyük zərbələr çəkib hal-hazırda yüz minlərcə adam işsiz, ruzisiz meydanda qalıblar. Bunlardan əhl və əyal sahibi olanların da arvad-uşaqları rizq və ruzisiz qalıb, böyük həsrət çəkməyə məhkumdurlar. Lakin həm elmlə, həm növbənöv ixtiraat və kəşfiyyat nafiəsi ilə və həm də maddi qüvvəsi ilə bütün insaniyyətə böyük-böyük xidmətlər göstərən və fəlakətzədagən və müsibətə giriftar olanlara kömək yetirən Paris şəhəri, özünün bu müsibətində də kənar yerdən kömək və imdad gözləmədən əvvəl, özü öz müsibətzədaganlarının köməyinə kəmali-gərmi ilə girişib, olduqca bol-bol ianələr toplamaqdadır. İanə verənlər isə böyük bir səxavət və həmiyyət göstərib, canidil ilə bəzli ianə edirlər. İştə rus qəzetələrindən “N.V.” qəzetinin Paris müxbiri firəng camaatının hümmət və həmiyyətini bu növ ilə təsvir edir: “Mən olan evin yanında “Sanfransisk” kilsəsinin keşişi müsbətzədaganə ianə yığmaq üçün kilsəyə yığılanlardan pul toplayırdı. On franklıq, beş franklıq sikkələr və pullar yağış kimi keşişin kisəsinə töklürdü. Bir çoxları öz kisələrini açıb keşişin kisəsinə boşaldırdılar. Keşiş isə öz həmcinslərinin bu hümmətini görüb şadlığından əbri-neysan kimi yaş tökürdü. Haman məhəllədə olan “Karno” mədrəsəsinin şəyirdləri bir gündə öz aralarında 5600 frank pul yığdılar. “Komediye qramçasye” teatrının məşhur bazəndələrindən madam Skonveber fəğir və fələkzadə uşaqları öz mənzilinə yığıb, qarınlarını doydurur. Professor Berje dəxi söyləyir ki, onun tanışı olan bir dövlətli famil dəxi müsibətzədaganların uşaqlarını evlərinə yığıb çörək verirlər. Dövlətli və zəngin adamların araba və avtomobilləri üzərində “Səlibi-əhmər” əlaməti vardır. Bunun mənası odur ki, yəni mənim arabam və avtomobilimdə azarlıları və zərərdidələri daşımağa hər bir kəsin ixtiyarı vardır. Doğrudan da bir avtomobil küçədə getdiyi yerdə polis işarə edən kimi dayanır. Avtomobil sahibi onun içindən çıxıb öz malını poliseyeyə verir ki, lazım olan yerdə zərərdidələr üçün işləsin. Xülasə hədsiz surətdə ianə toplanmaqdadır. Zəngin və dövlətli ailələr fəqir uşaqları bir-birlərinin əlindən qapırlar ki, aparıb qarnını doyursunlar. Səlibi-əhmərdə iştirak edən damalar azuqə yüklərini ora-bura daşıyır, möhtaclara paylayırlar. Hətta kasıb çörəkçilər, baqqallar, qəssablar – onlar da öz mallarından ianə çıxıb “Səlibi-əhmər” üçün verirlər ki, möhtacların ruzusu bol olsun. Məsəl vardır ki, dostu bərkə düşəndə tanımaq olar. Bizlərdə və ümum cəhalət basmış yerlərdə belə bir müsibət üz verdikdə, Allah göstərməsin, heç kəsdən xəbər olmur. Hər kəs öz başının qeydinə qalıb, özünün sağ və səlamat qaldığını qənimət bilir. Dalda qalanın lap canı çıxsın, heç vecinə olmur. “Allah dostu dosta möhtac eləməsin” məsəli bizim aramızda əbəs yerə deyilməyibdir. Çünki ehtiyac zamanında səndən üz döndərən, əvvəlcə sənin öz dostun olur. Asudəlik zamanında həmişə sənin yanında quyruq bulayan adamı, ehtiyac zamanında gendən qaçan görərsən. Lakin mütəməddin məmləkətlərdə belə deyildir. Orada dost olsun, qeyrisi olsun, öz möhtac qardaşına kömək edər. Odur ki, indi bu saat Firəngistanın üzərinə əvvəlcə yağış yağdı, indi də ianə yağmaqdadır. Yağış selinin xarab etdiyi yerləri, ac və evsiz qoyduğu evləri bu səfər ianə seli düzəldib doydurub tikdirəcəkdir. Bu məqaləni yazmaqdan bir məqsədimiz mədəniyyət sahiblərinin hümmət və həmiyyətindən bir cüzi nümunə göstərməkdir. İkinci məqsədimiz isə budur: Məlum olduğu üzrə bizim Qafqazın müsəlman cavanlarından bir neçəsi hal-hazırda Paris məkatibi-aliyəsində təhsili-ülum etməkdədirlər. Bunlardan elələri vardır ki, ataları dövlətli və zəngin olub, qürbətdə olan övladlarını ac və möhtac qoymazlar. Amma o tələbələrin hamısı elə xoşbəxt deyildirlər. Onların içində elələri vardır ki, kənardan verilən cüzi bir ianə ilə bir qarın ac, bir qarın tox, min cür məşəqqət ilə güzəran edib dərs oxuyurlar. Lakin burasını nəzərə almalıdır ki, hal-hazırda Paris şəhəri bu müsibətdən bəridir ki, çox bahalanıbdır. Rizq və ruzunun qiyməti artıbdır. “N.V.” qəzetəsinin müxbiri yazır ki, yeyilən şeylər, məsələn, yağ, pənir, yumurta, kartof, çörək və sairənin qiyməti üç və hətta dörd dəfə artıbdır. Yeyilən şeylərdən başqa, hər nə varsa onların da qiyməti artıbdır. İş belə olan surətdə, o binəva tələbələrimizin halını təsəvvürə gətirmək mülahizə etmək asandır. Onların ianiyə möhtac olduqları aşkardır və bu ianə nə qədər tez cəm olub onlara göndərilsə, bir o qədər yaxşıdır. Razı olmayaq ki, bizim tələbələr də zərərdidəgan cərgəsinə girib Paris müsibət-zadəganlarının ianələrinə şərik olsunlar. Dünyanın hər yerindən parislilərə kömək və ianə edilən bir zamanda biz də ora əhlinə ianə göndərmək əvəzində daha da öz yoxsul tələbələrimizi onların öz möhtacları cərgəsinə salsaq, bizim üçün çox böyük eyib olar. Ona görə bizə vacibdir ki, bu işə əhəmiyyət verib şəhərlərimizdə mövcud olan xeyriyyə və ya maarif cəmiyyətlərinin idarələrinə ianə toplayaq ki, haman idarələr o ianəni Parisə göndərib əsrətə düşmüş tələbələrə verdirsinlər. Haman cəmiyyətlərimizə borcdur ki, bu lazımi təşəbbüsü tezliklə öhdələrinə götürüb tələbələrimizə imdad yetirsinlər. Və bunu unutmasınlar ki, Firəngistan kimi yerdə təhsili-ali görmüş tələbələr gələcəkdə bizim millətimiz üçün son dərəcə qənimət olacaqdırlar. Elə adamlara əşəddi ehtiyacımız olduğu aşkardır. İki-üç ildən sonra bu tələbələr ikmali-təhsil edib vətəni-əzizlərinə qayıdacaqlar və qayıdıb da bir çox ictimalarımızı rəf və dəf edəcəklər. Ümid vardır ki, şəhərlərimiz və mövcud olan maarif və xeyriyyə cəmiyyətləri özlərinin doğrudan-doğruya vəzifələri əddi olunan bu işə tezliklə mübaşir olub, ianə toplayıb, Parisə göndərməklə həm millətə və həm də insaniyyətə xidmət göstərirlər. Və tələbələrimizi elə bir əsrətdən xilas etməklə onların gələcəkdə millət yolunda can və dildən işləmələrinə bu vəsilə ilə bir zəmin hazırlarlar. * * * Gözəl bir təşəbbüs Kitabsızlıq dərdi istər məktəb, mədrəsə şagirdlərimiz üçün, istər camaatımız üçün doğrudan da böyük dərddir. Məktəb şagirdlərimizin, məktəb xaricində, yəni evdə oxumaq üçün nafe kıtabları heç yoxdur desək, heç yalan olmaz. Çünki əgər ötədəbəridə bir-iki kitabça, filan adı çəkilirsə də, bu, onsuz da az olan kitabçaların bir qismi möhtəviyyat və məalının uşaqlar üçün yaramamazlığı cəhətindən, digər birisinin imla və inşasının başdan-ayağa fahiş qələtlər ilə dolu olmasından və bəzilərinin də qiyməti çox baha olduğundan işə getmir və getmələri də zatən heç lazım deyildir. Çünki hər bir kitabı uşağın əlinə vermək olmaz. Dərs kitablarına gəlincə, onların da yoxluğu əşəddi surətdə hiss olunmaqdadır. O ki qaldı camaat kitablarına, yəni camaatın qiraət edəcəyi və edib də o kitabdan bir mənfəət alacağı kitablar isə heç yoxdur və bu yoxluğun da nə qədər zərər və ziyanı olduğu barəsində aşağıda danışarıq. Məqsədimiz də bunu ərz etməkdir ki, mosuq mənbədən xəbər aldığımıza görə şəhərimizdə mövcud olan “Nicat” maarif cəmiyyəti bu yolda öhdəsinə böyük və gözəl bir təşəbbüs götürüb, istər məktəb və mədrəsələr üçün, istər camaat qiraəti üçün mənfəətli kitablar nəşr etmək fikrindədir və bu fikrin qüvvədən felə çıxarılması üçün sürətlə çalışmaqdadır. “Nicat” cəmiyyəti istəyir ki, onun nəşr edəcək olduğu kitabların məktəb və mədrəsələr üçün təyin edilən qismi (pedaqojiyə), yəni üsuli-tərbiyə və “didaktika”, yəni üsuli-tədris sənətlərinin iqtiza etdiyi tələblərə müsbət surətdə müvafiq və mütabiq olsun. Camaat üçün təyin edilən qiraət kitabları isə camaatın tərəqqisinə, yəni ağlın artmasına, daireyi-nəzərin geniş olmasına, hissiyyati-hüsnün nəşvü nümasına və müxtəlif elmlərdən böyük bilik və təcrübə qazanmalarına xidmət etsinlər. Bundan əlavə mövcud olan kitabların qələt və qeyrimüəyyən bir imla və inşasına rəğmən “Nicat”ın nəşr edəcəyi kitablar səhih və müəyyən imla və inşa ilə yazılır, ümumcamaatın anlayacağı və onunla belə ədəbi dildə olacaqdır. Şübhəsizdir ki, belə gözəl kitablar nəşr etmək üçün “Nicat” cəmiyyəti pedaqoqlarımızın, yazıçılarımızın, alimlərimizin ən müqtədirlərini bu işə cəlb etməkdən başqa, “premya” dəxi təyin edəcəkdir, yəni hər kəs filan elmə dair, ya filan məzmunda əgər gözəl bir kitab yaza bilərsə, o zatə birincilik mükafatı verəcəyini elan ilə yazıçılar arasına həvəs və rəqabət salacaqdır ki, hər kəs öz kitabının qəbulə keçə biləcəyinə çalışsın və olduqca hər bir barədə yaxşı yazsın. Bundan əlavə, belə kitabların qiyməti də çox ucuz olacaqdır. “Nicat” cəmiyyətini belə bir gözəl təşəbbüsdən dolayı təbrik edib, müvəffəqiyyətini kəmali şövq və həvəs ilə arzu edirik. Doğrudan da əgər “Nicat” cəmiyyəti bu fikrini əmələ gətirə bilsə, ümum əhalimizin tərəqqisinə böyük-böyük xidmətlər göstərməklə öz yaxşı adını baqi qoyar. Söz yoxdur ki, bu qədər böyük işi icra etmək üçün “Nicat” cəmiyyətinə pul lazımdır. Cəmiyyətin öz mədaxili isə bu işə kafi deyildir. Ona binaən eşitdiyimizə görə “Nicat” cəmiyyəti bu günlərdə böyük bir doklad – ərzihal hazırlayıb şəhər idarəsinin məkatib komissiyasına verəcəkdir ki, haman komissiya şəhər idarəsində “Nicat” üçün hər il müəyyən miqdar pul verilməsini istəsin. İndi bu yolda “Nicata” kömək eləmək lazımdır, yoxsa lazım deyildir? Əlbəttə, əlif əlbəttə lazımdır. Əvvəla, məkatib komissiyasının doğrudan-doğru vəzifəsidir ki, bu yolda “Nicat”a var qüvvəsi ilə kömək etsin. Çünki “Nicat”ın çalışdığı – məkatib komissiyasının külli pullar töküb açdığı məktəblərin uşaqlarına kitab sarıdan kömək etməkdir, yəni təlim, tədris və qiraət üçün lazım olan kitabları hazırlamaqdır. Bundan əlavə, duma əzalarının özləri də məkatib komissiyası vasitəsilə “Nicat”a yardım göstərməyə borcludurlar, çünki şəhər idarəsinin borcu, əhalinin rəfahi-halı ilə dolanmasına çalışmaqdır. Belə rəfahi-hal ilə dolanmanın bir səbəb və vasitənin də camaatın elmli və bilikli olmasıdır ki, bunun üçün də lazım olan kitablar vacibdir. Biz əminik ki, duma əzalarından bila-təfriq millət, cins və sinif heç biri “Nicat”ın belə bir gözəl təşəbbüsünə qarşı danışmağı rəva görməz, bəlkə bu məsələnin şəhər idarəsində qəbul edilməsinə çalışarlar. Camaata hifzi-səhətdən, təbabətdən, təmizlikdən və cürbəcür mənfəətli elmlərdən mükəmməl bilik verən kitabların hər nəşrinə kömək etməməyə heç bir həqqi olmasın gərək. İştə dumanın köməyini “Nicat”ın müvəffəqiyyətini arzu edib gözləyirik. * * * Vəkil seçkisi Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur. Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır. Bu heyət və məclislərin əzalarını kim seçir və ya kim təyin edir? Belə heyət əzalarından təyin olunanları çox azdır. Bunların çoxu seçilmiş adamlardır. Onları seçənlər də əhali özüdür. Bu seçki haqqını – nerədə olursa olsun – camaata heç kəs bağışlamadı. Bu haqqı camaat mübarizə edib və qan töküb aldı. Bundan aşkardır ki, seçki haqqının camaatın öz əlində olması əhali üçün böyük bir nemət ədd olunur. Amma minlərcə təəssüflər olsun ki, bizim camaat bu neməti-üzmanın qədrini bilmir. Və ya bilirsə də özünə məxsus ətalət və kəsaləti üzündən buna heç bir əhəmiyyət vermir. Yevropada və sair mütəməddin yerlərdə calibi-diqqət olan hadisələrin ən əhəmiyyətlisi seçki işidir. Odur ki, bir dövlətdə parlaman – məclislərinə camaat tərəfindən vəkillər və məbuslar seçildiyi zaman da bu işə başqa dövlətlər dəxi böyük əhəmiyyət ilə baxıb, seçki nəticəsinə müntəzir olurlar. Mütəməddin məmləkətlərdə əhali məslək və əqidəcə müxtəlif firqə və partiyalara münqəsimdirlər. Lakin belə təksimdən məqsud – bizlərdə olan kimi boş-boşuna partiyabazlıq deyildir. Bəlkə əqli-səlim və qəlbi-səmim hökmüncə hər bir firqə bir məslək, bir yol ittixaz edir ki, məmləkət və ümum insaniyyət üçün onu silah bilir. Şübhəsizdir ki, bu firqələrin içində xoşagəlməyənlər də çoxdur. Məsələn, istibdadpərəstlər, ifrat dərəcədə millətpərəstlər və sairələri. Hər halda seçki işi gəldikdə bu firqələrin arasında böyük bir mübarizə qalxır. Bu mübarizə nədən ibarətdir? Bir-birinin başını yarmaqdan? Xeyr! Seçki işində bir-birlərinə faiq gəlməkdən! Odur ki, hər firqə əhalini təşviq etməklə, hər yerdə deyib-danışmaqda, öz vasiteyi-nəşriəfkarları olan qəzetələr vasitəsilə yazıb qandırmaq ilə səy edirlər ki, təşkil olunacaq parlaman əzalarının çoxu öz firqələri vəkillərindən əmələ gəlsin. Bir firqəyə mənsub olan adam heç bir vaxt özgə firqənin adamından vəkil seçməz. Əgər bu yolda ona təzyiq edən, onu məcbur edən olsa, o, bu cəbr və zülmü bağıra-bağıra elan edib, öz firqəsini əzalarının kömək və yardımı ilə müqəssiri cəzaya uğradar... Bu keçən günlərdə ingilis parlamanına vəkil seçkisi işləri böyük bir gurultular ilə vaqe oldu. Hal-hazırda Almaniyada dövlətin parlamanına vəkil seçkisi qanunları əksər əhalinin məramincə olmayıb deyə Almaniyada əhali böyük nümayiş və demonstrasiyalar qurub qanunların təbdilini tələb edirlər. Bizim camaatın bir neçə məclislərə vəkil seçmək ixtiyarları vardır. O yerlərdən ən böyüyü dövlətimizin parlamanı olan Dövlət dumasıdır. Sair xırdaları isə şəhər dumalarıdır. Doğrudur, bu seçki barəsində camaatımızın payına düşən haqq da ixtiyar çox məhduddur. Lakin bu məhdudiyyət camaatımızın seçki işlərində ətalət və kəsalətlə davranmasına səbəbiyyət verməz. Biləks camaatın seçki işində haqq və ixtiyarı az və məhdud olsa, camaat daha da dördgözlü olmalıdır. Yəni səy etməlidir ki, vəkil seçdiyi adamlar layiqli olsunlar. Camaat ehtiyacatını bilən və hər bir işdən xəbərdar olan olsunlar. Başlarında ağıl, ürəklərində insaf, ağızlarında danışan dil olsun. Mövcud olan və camaatın seçki haqqını məhdud edən qanunlara görə, təəssüflər olsun ki, camaatımızın hamısı seçki işində iştirak edə bilməz. Yəni vəkil seçməyə hamının ixtiyarı yoxdur. Bu seçki haqqı camaatın bir qisminə məxsusdur. Bundan əlavə, camaatın seçki haqqı olan qismi də hər istədiyi adamı vəkil seçə bilməz. Bəlkə qanunun təyin etdiyi nizam və qaydalara müvafiq gələ bilən adamlardan vəkil seçə bilər. Belə olan surətdə nə etməlidir? Əlbəttə, seçkidən məhrum qalan camaat içində seçki işlərindən yaxşıca müxbir olan vəkil seçmək tərzini layiqincə bilən adamların borcudur ki, seçki ixtiyarı olanların qanmayanlarını qandırsın və başa salsınlar. Nətər adam seçmək və kimi seçmək lazım olduğunu bilməyənlərə bildirsinlər. Bunlar isə, qulaq assınlar və lazımi surətdə əməl etsinlər. Bundan başqa, əlbəttə, çox yaxşı olardı ki, ümum seçki işləri həqiqi surətdə icra olunaydı. Çünki ələni surətdə, yəni aşkara vəkil seçmək işində çox vaxt güclü gücsüzü təzyiq edir, yəni özü niyyət etdiyi adamı seçməyə qoymur. Amma heyif ki, ümumseçki işləri xəfi olmayıb. Hər halda bu təqdirdə də seçkiçilərin borcu odur ki, heç bir cəbr və təzyiqə məhəll-güzar olmayıb layiq bildiyi adamı seçsin və illah axırda peşmançılıq olar. Necə ki, bizlərdə olub. Seçilmiş vəkillərin vəzifələrini burada tedad etməyə hacət yoxdur. Çünki layiqi vəkil öz işini bizdən çox yaxşı bilir. Ancaq onlardan layiq olmayanlara tövsiyəmiz budur ki, bacarmadıqları işi boyunlarına götürməsinlər. Çünki sorakı məsuliyyətin altından çıxa bilməzlər. Özlərini vəkilliyə layiq bilənlərimizin də birinci borcu səy edib özlərini seçdirməkdir. * * * Qədirşünaslıq Bu günlərdə əlimizə düşən rus qəzetələrinin hankını açırsan, içində əlaməti yas olmaq üzrə qara çərçivə içərisində bir ad. Altında da haman ad sahibinin təzkar namini görürsən. Rusiyada mövcud olan ən böyük şəhərlərin ən böyük qəzetələri və ən kiçik şəhərlərin ən kiçik ruznamələri hamısı bu ad sahibinin dünyadan getdiyini kəmali-yas və kədərlə xəbər verirlər və onun etmiş olduğu xidmətlərini zikr edirlər. Şübhəsizdir ki, bütün əcnəbi qəzetələri dəxi bu məluləngiz xəbəri yüz minlərcə olan öz oxucularına xəbər verəcəkdirlər. O ad sahibi kimdir? Ad sahibi – Vera Fyodorovna Komissarjevskayadır. Əcəba, bu arvad nəçi idi ki, bunun vəfatını bütün qəzetlər ağlaya-ağlaya xəbər verirlər? Bəzi yerlərdə komitələr təşkil olunur ki, müttəvafan cənazəsi pişvazına çıxsınlar. Bəziləri onun naminə ittihaf olunmaq üzrə bir məcmuə nəşr etmək istəyirlər. Müttəfinin qövm və əqrəbası yüzlərcə təəssüf teleqramları alırlar. O nəçi idi? Bu arvad – artistka idi, teatrçı idi, özü də mahir və böyük bir artistka idi. Belə bir sənətin sahibəsinə bu qədər hörmət və izzət bir çox müsəlmanlara qərib görünən əhvalatdır, zənn edirəm. Teatrçılıq haman müsəlmanların nəzərində rəzil bir sənətdir və hətta günahdır... Əvət! İki-üç yüz il bundan irəli xristian keşişləri dəxi bu fikirdə olub, vəfat edən teatrçıları dəfn etməyi də həram bilirdilər. Amma indi elə deyil. Bu günə teatrçılıq ən hörmətli sənətlərin biri olub sənayei nəfisə cümləsinə giribdir. Əvvəllərdə murdar ədd olunan teatr səhnəsi indi bir ayinəyi-ibrətnüma olubdur. Teatrçı isə, o aynayə baxan adamın haman aynada görünən əks və surəti olmaqdan başqa, teatr yazıb da camaata bir fikir təqdim etmək istəyən müəlliflərin haman fikrini danışıq və hərəkət ilə mahiranə bir surətdə ifadə edir. “Zər qədrini zərgər bilər” timsalına müvafiq, içlərindən mahir teatrçılar çıxmağa yol verən mütəməddin millətlər o teatrçıların qədrini bəhəqq bilirlər. Məşhur teatrçıların hamısı hər yerdə izzət və hörmət gördükləri kimi, böyük dövlət və sərvətlər də qazanırlar. Onların içində teatrçılıqdan milyon qazananlar da vardır. Zatən biz kimin qədrini bilirik ki, teatrçılar qədrini də bilək! Avam camaatımız anlamazlıqdan, anlayanlarımız da büxl və həsəd ucundan öz adamlarının qədrini bilmək istəmirlər. Bir işdə, bir sənətdə baş qovzayanın başından vurulur, qabağına sədlər çəkilir... Mütəməddin məmləkətlər – münbit torpaqlı və gəlirli yerli bir çəməndir ki, onun üzərində əlvan çiçəklər, cürbəcur güllər bitib, gözəl mənzərələri, ətir və ənbərləri ilə tamaşa edənlərin könlünü fərəhnak, ruhini ləzzətyab və çəmənin özünü də qiymətdar edirlər. Allahın yağışı, günün şəfəqi, torpağın yemi bu çəməndə bitmək istəyən hər bir gülü hər tərəfdən himayə edib, nəşvü nüma və təravətinə xidmət edirlər. Bizim yerlər isə – elə gülləri qəbul etmir kimi, bir şey bitirmir və özü-özbaşına bitmək istəyənin də üzərinə kəsif bir kölgə salmaqla nə qoyur ki, gün qızdırsın və nə qoyur ki, yağış görsün, yandırır, soldurur, məhv edir... Lakin ümidsiz olmaq yaxşı deyildir. XX əsrdə bütün aləmə cari olmağa başlamış mədəniyyət selinin qabağını heç bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır. Bu selin muradı, dünya üzünün kəsafətini təmizləməkdir. Yavuqdur o zaman ki, haman seyli-xüruşan bizim yerlərə dəxi hücumavər olub üzərimizdə olan və bizi nəfəs almağa qoymayan kəsif daşları, qayaları yerindən oynadıb zail edər. O daşların altında yatmış olan qurdları yuyar, yerimizə, torpağımıza can verər, o halda bizim yerlərdə də güllər və çiçəklər bitib, buraları çəmənzarə döndərər. Heç naümid olmamalı. * * * Halımız Ənvai-əksam işlərimizə diqqət yetirdikdə bu işlərdə zahir olan halətlərimizi nəzərə aldıqda, insanda belə bir etiqad hasil olur ki, biz hələ öz-özümüzü, öz mövcudiyyətimizi və öz mövqeyimizi dürüst anlamamışıq. Biz nəyik, nə haldayıq, hansı mövqeyi işğal etməkdəyik – bunlar hamısı bizim üçün hələ qaranlıqdır. Hər ağızdan eşidilən “millətimiz cahildir, bacarıqsızdır, müsəlmandan bir şey çıxmaz” kimi sözlərin ağız sahiblərini bir yerə yığsaq, elə bir əksəriyyət hasil olar ki, gendən baxan o əksəriyyətin belə “ahu-zarına” istinadən camaatımızı bədbinlər cərgəsindən sayar. Yəni elə zən edək ki, biz “öz-özümüzü tərəqqiyə sövq etmək yolunda çox da çalışıb, çox vuruşub, lakin heç bir şey çıxmadığını və bundan sonra da çıxmayacağını anlayıb, məyus olmuşuq və bədbinlər cərgəsinə girmişik. Lakin bizim içimizdə başqa bir əksəriyyət də vardır ki, bunu təşkil edən əzalar yuxarıdakı sözləri söyləmirlər. Heç bir halımızdan şaki dəyillər və “ahu-nalə” da etmirlər. Bu əksəriyyətin də əfal və hərəkatına istinadən, gendən baxanlar bizi nikbinlərdən sayırlar. Yəni o şəxslərdən hesab edirlər ki, gələcəkdən heç də qorxmurlar və çünki gələcəyin xoş keçəcəyini və məramımızca olacağını yəqin bilirlər. Fəqət əsil mətləb burasıdır ki, bizlər nə bədbinlərdənik, nə də nikbinlərdən. Zatən biz bədbinlik və nikbinlik nə olduğunu da bilmirik. Bir hissəmizin də halımızdan şikayət etməsi bədbinlik əlaməti dəyildir. Bəlkə boş-boşuna vayıldamaqdır. Uşaq ağlamağıdır. Digər hissəmizin də nikbinanə davranması qeydsizlik və yaxud qəflət əlamətidir. Hal-hazırda biz bir ailənin balaca əzalarına bənzəyirik. Yəni uşaq kimi bir haldayıq. Uşaq bir ailə nə olduğunu nədən anlaya bilər? Ailənin xeyir və zərəri nədə olduğunu mülahizəyə ala bilərmi? Uşaqdan ötrü hər bir şey qızıl rəngində görünür. Uşaqdan ötrü keçmiş yaxşı imiş, indiki hal daha yaxşıdır. Və gələcəkdə yaxşı olacaqdır. Ailələrinin həqiqətən nə halda olduğunu, digər ailələr arasında hankı mövqeyi işğal etdiyini, özgələrin bunlar ilə olan münasibəti və ailənin gələcəyi – bunlar hamısı uşaqdan ötrü məchuldur. Zatən o xüsuslərdə fikir etmək belə uşağın xəyalına gəlmir. Çünki bu cürə nöqtələri anlayacaq hiss və düşünəcək ağıl hələ nəşvü nüma edilməyibdir. Amma elə ki, uşaq böyüməyə başlayır, təcrübə sahibi olur, əqli artır, o halda ailə nə olduğunu düşünür. Öz ailələri ilə digər ailələr arasında mocud olan hüdudu gözü seçir. Ailəsinin digər ailələrə nisbətən hankı mövqeyi işğal etdiyini anlayır. Sonra ailələrinin gələcək qeydini çəkməyə də başlayır... Bu gün bizim millətimizi təşkil edən camaatın əksəri də haman ailə çocuqlar halındadırlar. Onlar bizim halətimizi aydın və aşkar surətdə təsəvvürlərinə gətirə bilmirlər. Hankı mövqedə olduğumuzu seçmir və hansı mövqeyə keçmək lazım olduğunu da düşünməyə qadir dəyillər. Odur ki, hər bir əfal və hərəkatlarında ümum millət mənafeyi nöqteyi-nəzərindən faydasızdır... * * * Ümumvladiqafqaz camaatına açıq məktub Ümumvladiqafqaz camaatından istifsar olunur: Doğrudurmu ki, Ümumvladiqafqaz camaatı Hacı Molla İsmayıl Molla Həsənzadə Gənceyini, Hacı Məmmədsadıq Əliyev Təbrizini, Hacı Yusif Qafarov Təbrizini və bir də Mustafa Aliverdov – Əliyevi vəkil seçib də, “Molla Nəsrəddin” jurnalı barəsində bir məqalə yazıb idarəmizə göndəribdirlər. Bunlar Ümumvladiqafqaz camaatının nasıl vəkilləridir ki, birisi Gənceyi, ikinci təbrizli və dördüncüsü də nerəli olmağı məlum dəyildirsə də, müsəlmanca bisavaddır. Rica olunur ki, Ümumvladiqafqaz camaatı bu barədə idarəmizə rəsmi bir kağız göndərməklə tez cavab versinlər. * * * Vladiqafqaz caamatına bir də açıq məktub Əfəndilər! “Molla Nəsrəddin” jurnalını təkfir və təlin xüsusunda idarəmizə dörd nəfərin imzası ilə bir məqalə gəlmişdi. Məqalənin axırında “Ümumvladiqafqaz camaatı tərəfindən vəkil” sözləri bizim diqqətimizi cəlb etdi. Və çünki biz məzkur vəkilləri tanımırdıq, ona görə açıq məktubla Vladiqafqaz camaatından soruşduq və əhval istədik. Sualımıza cavab olaraq idarəmizdə 70-ə qədər Vladiqafqaz sakinlərindən cavab gəldi ki, haman adamları onlar vəkil seçiblər. O ki qaldı məzkur məqalənin çap edilməsinə: əvvəla bunu bəyan edirik ki, bir neçə zaman bundan əvvəl İstambulda, yəni xəlifeyimüslümin oturan və bir çox islam alimlərinin məcməi olan bir yerdə “kafir” ləfzi rəsmi surətdə ləğv edildi. Yəni orada belə qayda qoyuldu ki, bundan sonra heç bir kəs, istər müsəlmanı, istər qeyri-müsəlmanı “kafir” sözü ilə təhqir etməsinlər. Biz İstambulun belə bir məqul və mədəni tədbirini alqışlayırıq. Bundan aşkardır ki, heç bir kəsin, baxüsus millətə bir çox xidmət göstərməkdə olan “Molla Nəsrəddin”in küfr və mürtəd olduğunu qəzetimizdə elan edə bilmərik. Özünüz dürüst mülahizə buyurun. “Molla Nəsrəddin” müsəlmandır. Çünki müsəlman dəyiləm demir və madam ki, bir şəxs “mən müsəlman dəyiləm” demiyib, özü də müsəlmanlar, biz necə onu kafir, mürtəd edə bilərik?.. Peyğəmbərimiz dini mübinin islami yer üzünün bir çox nöqtələrinə yaydı. İslam əhlini artırdı, islamiyyətin çoxalması yolunda mücahidələrdə bulundu. Sizlər isə dini-islam əhlini artırmağa çalışmaq əvəzinə “küfr və irtidad” vasitəsilə azaltmağı təklif edirsiniz. Bu isə qəzetimizin məsləkinə müvafiq dəyildir. Siz iddia edirsiniz, ki, “Molla Nəsrəddin” günah edibdir. Belə dəyilmi? Çox əcəb. Əlbəttə, hər bir kəs, yəni biz də, siz də və “Molla Nəsrəddin” də söz ilə və ya əməl ilə günah iş edə bilərik. Həqiqi müqəddəsləri əbəs yerə təhqir etmək, səbb etmək, xalqın malını yemək, yalan və iftira söyləmək, adam öldürmək, fitnə salmaq, camaatı aldatmaq – bunlar hamısı cürbəcür günahlardır. Lakin hər günah üstə müsəlmanı kafir və mürtəd edərsək, o halda ruyi-zəmində bir cüt yarım müsəlman da qalmaz. Bu, ağıl və məntiq cəhətincə. İndi insaf və vicdan iqtizasına tabe olaraq danışaq. “Molla Nəsrəddin” jurnalı indiyə qədər bir çox mənfəətli məqalələri ilə millətimizə çox xidmətlər göstəribdir. Çirkin və çürük adətlərimizin zahirdə gülünc və batində maneyi-tərəqqi və pişirəfti olduğunu ap-aşkar bizə bildirməklə bir çox qüsurlarımızı bir-bir göstərməklə gözümüzü açıbdır, pis adamlarımızı taqsırlandırıb, əfradimillətə vurduqları zərərləri aşkar edibdir. Bu cürə mənfəətli bir jurnalı, yalnız bir məqalə üstündə təkfir, təlqin etmək, baykotlamaq insafdırmı, ağıl və vicdan buna yol verərmi? Budur bizə ədəb dairəsində cavab verənlərə bizim tərəfimizdən bəyanat. Lakin bizim sualımıza cavab yazanların çoxu öz cavablarını ədəbsiz bir surətdə yazıb bütün mətbuat ilə qərəzləri olduğunu bildirirlər. Bunun öz, bu şəxslərin “islam müdafiəçisi” olmadıqlarını aşkar bildirir. Bunların məqsədi islamı müdafiə etmək dəyil, bəlkə ümum müsəlman mətbuatına düşmənçilikdir. Hər halda ədəbsiz sözlərdən incimirik. Təhdidatlardan ürkmürük. Çünki məlumdur ki, qəzetçilik və qəzetçiyə o cürə şeylər bədihidir ki, əsər eləməz. Lakin “biz ərizə verib imperatordan təvəqqe edərik ki, bütün müsəlman qəzetələrini bağlasın” və bir də “müsəlman qəzetələri çıxandan bəridir ki, çox fəsadlar törənir”. Budur, bu sözlərdir ki, bizi hamısından artıq məyus edir. Zərər yoxdur əfəndim, ərizəni hazırlayın, bəlkə “islamı müdafiə edəsiz!” O ki qaldı qəzetlər çıxandan bəri fəsadlar törənməsinə – onda da haqqınız vardır. Doğrudan da qəzetələr çıxandan bəri sizin və sizin kimi “islam müdafiəçilərinin” xoşuna gəlməyən çox “fəsadlar” əmələ gəldi. Məsələn, Məmmədəli şah taxtından düşürüldü, Sultan Əbdülhəmid xilafət və səltənətdən qovuldu, Şeyx Fəzlullah, Mir Haşım asıldı, Rəhim xan dərbədər düşdü... Xülasə, qəzetələr çox “fəsad” çıxartdı. Elə isə bəri başdan ərizələri hazırlayın. Xülasə, bu məktublar idarəmizin ən əziz malı olubdurlar. Biz onları həmişə saxlayacayıq ki, əvvəla, millət mühakimlərinə pişnəhad edək və saniyən gələcək övladımız o məktublar vasitəsilə bizim indiki halımızdan müxbir ola bilsinlər. * * * Şeyxülislam həzrətləri və maarif Dünənki nömrəmizdə Şeyxülislam həzrətlərinin Ümum qafqaz mədrəsəyi-ruhaniyyəsi inşası haqqında layihə yolunda yazılmış olan təklifini qarelərimiz oxudular, zənn edirəm. İdareyi-ruhaniyyəmizin başçısı tərəfindən sadir olan bu təklif şeyxülislamlığımız tarixində ən mühüm və mənidar bir vəqədir. Xoşa ki, bu vəqə bizim əsrimizə təsadüf etdi! İştə, idareyi-ruhaniyyəmiz başında nəhayət, bir zat oturdu ki, dərdlərimizi görür, ah və naləmizi eşidir və çarəsinə də yol arayır. O yolun da nədən ibarət olduğunu düşünə də bilir. Məşhur misyoner İlminski deyirdi ki, aləmi-islamın və əzcümlə Rusiya müsəlmanlarının xabi-qəflətdən bidar ola bilməmələrinə səbəb əvam və cahil mollalardır. Onların vəz və nəsihəti müsəlmanlar üçün ən təsirli bir xabigərdir. Ona görə bu cürə cahil mollalar nə qədər çox olsa bir o qədər yaxşıdır. Çünki bunların vücudu ilə müsəlmanlar heç vaxt ayılmazlar. İslamın düşməni olan bu misyonerin sözü doğru idi. Camaat avam, mollaların da əksəri cahil və ondan başqa qarın dərdi çəkənlər, bunlardan camaata, dinə, millətə zərərdən başqa nə mənfəət ola bilərdi? O idi ki, hər yerdə olan kimi bizim Qafqazda da islam camaatı getdikcə xar və zəlil olub əcnəbilərin aləti-məsxərəsi olmuşdu. Xalq bizi gördükdə həm zəhləsi gedərdi, həm acığı tutardı, həm də rəhmi və yazığı gələrdi. Bir zaman yalnız bir adı əcnəbilərdə xövf və hissi-ehtiram oyadan müsəlmanlar bu günlərədək başı qapazlı müsəlman olmuşdu. Hər yer üzünə bağlı, heç bir yerdə istirahəti yox, mal və mülk cəhətincə yoxsul, məişət və güzəranları müşkül, dünyadan bixəbər... Yenə şükürlər olsun ki, Rusiyada vaqe olan təbəddülat bir paramıza təsir etdi. Bəzilərimizin gözünü açdı. Bir çoxumuz oyandıq və oyanıb da məclislər və qəzetələr vasitəsilə yatmış həmcinslərimizi oyatmağa başladıq. Hərçəndi qəzetələrin bu xidməti Vladiqafqaz “dinpərəst”lərinə xoş gəlmir. Çünki qəzetə vasitəsilə bir çox millət xainlərinin işi aşikara çıxdı. Məziyyətləri əyan oldu. Lakin ağlı-səlim sahibləri “ləbbeyk” dedilər və bir takım hümmətlərə təşəbbüs etdilər ki, milləti oyatsınlar. Məktəblər açıldı. Məclislər təşkil edildi. Hər yerdə millət dərdindən danışıldı. Qərəz yatmışlar tərpəşdi. Gözünü açanlar bir də baxıb gördülər ki, izmehlal və inqraz quyusunun lap qırağındadırlar. Əgər bir qədər səy edib özlərini o təhlükəli yerdən kənar etməsələr – quyunun dibi olmayan yerinə düşüb məhv olacaqlar. O idi ki, sahili-səlamətə sürünməyə meyl etdilər. Lakin binəva millətin belə bir meylinə qarşı mümaniətlər yuvarlanmağa başladı. Bu mümaniətlər isə cahil və avam mollaların əhali üzərində olan nüfuz və təsiri idi. Zatən bu cünbüş əsasında ümum mollalarımız üç qismə ayrıldılar. Bir qismi əhalinin belə rəzalətini görüb də bu halı öz namus və qeyrəti-milliyələrinə sığdıra bilmədilər. Onlar dəxi sair tərəqqipərvərlərimiz ilə bir yerdə işləməyə başlayıb, əhalini elm və ürfanə təşviq etməyə başladılar və bu yolda əldən gələni müzaiqə etmədilər. Digər qismi isə əhalinin belə oyanmasından özlərinin əvvəllərdən ruhaniliyə yaraşmayan bir çox fəna rəftarlarının üstü açılacaq qorxusundan əhalinin tərəqqi və təməddündən hürkütməyə əl atdılar. Əvvəllərdən də əhalinin qəflətinə və misyonerlərin arzusuna xidmət edən bu həriflər üsuli-cədid məktəblərini təqbih və tərəqqipərəstləri təkfir və hər bir asari-mədəniyyəti təlin etməyə qədəm qoydular. Lakin bunların bu gunə hərəkatı artıq özlərindən başqa heç bir kəsə zərər vermir. Çünki sözləri təsirdən düşübdür. Fəqət bizim bir də şeyx həzrətlərinin təbirilə əməleyi-mota mollalarımız dəxi varır ki, nə elmdən elmləri var, nə şəriətdən şəriət bilirlər. Halbuki “bu kəsalətü-bədən”ilə də camaata vəz və nəsihət (?) söyləyib, emali-dinilərinə mübaşir olurlar. “Xoftəra xoftə key konəd bidar” – belə molla təqlidlərindən camaata nə bir xeyir ola bilər. İndi odur ki, şeyx həzrətlərinin böyük bir ruhani mədrəsə təsisiniyyətindən məqsud camaat üçün, prixod üçün ümumi diniyə, ülumi dünyəviyyəyə dara mollalar yetişdirməkdir ki, onlardan camaat bir xeyir və mənfəət gözləyə bilsin. Şeyx həzrətləri tərəfindən layihəsi tərtib edibmiş mədrəsənin proqramı xüsusunda hələlik bir söz demək çox tezdir. Əvvəlcə məqsud bir layihənin felə və hüsulə gəlməsidir, yəni mədrəsə təsisidir. İştə belə bir mədrəsənin təsisi lüzumu və təsisi yolu xüsusunda fikir edib danışmalıdır. Lakin biz bu yolda əvvəl dəfə danışmağı şeyx həzrətlərinin bilavasitə müraciət etdiyi adamlara tərk edirik. Bu yolda qəzetəmizin sütunları onlara açıqdır. * * * Öz halımızdan Millətpərəstlik sözü bir neçə zamandan bəridir ki, bizim ağzımıza düşüb yerli və çox vaxt yersiz yerə işlədirik. Görünür ki, millətpərəstlik nə olduğunu bir çoxumuz anlamır və ya tərsinə anlayır. Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə iktifa etməyib, bu yolda iş də görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət dəxi görə bilər. Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə, etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət əfradına borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayət etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görkəmli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn, ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət! Lakin məharət elə bir şey deyildir ki, hər bir vaxt ibraz oluna bilsin. İbrazi məharət üçün müəyyən şərtlər lazımdır. O şərt isə məharət sahiblərinə vüsət verməkdir, yəni məharətin biruzinə mane olacaq şeylərin rəf və dəf edilməsidir. Tərs kimi hər bir yerdə istedad və qabiliyyət sahibləri məişət cəhətincə təmin edilməmiş bir halda bulunurlar. Bu da təbiidir, bunların istedadı pul qazanmaq deyildir. Başqasıdır. Məsələn, gözəl şeirlər deməyə, müfid yazılar yazmağa, nafe şeylər icadına və sairə. Zatən bunlar özləri üçün anadan olmuyubdurlar. Bəlkə ümum-millət və hətta umuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıbdırlar. Dünyanın hər bir qitəsində bütün millətlərin yazıçıları, alimləri, sənayeyi-nəfisə sahibləri, sahibi-fənniləri özləri üçün bir o qədər iş görmədilər. Lakin ümum-millət və hətta umuminsaniyyət üçün çox işlər gördülər, bir kəlmə, hər bir tərəqqi ancaq bunların sayəsində oldu. Halbuki özlərindən bir çoxu acından öldü, amma insaniyyət hələ indi də onlardan mənfəət görməkdədir və bundan sonra da çox görəcəkdir. Deməli, bu cürə adamlar nəinki sağlığında, bəlkə öldükdən sonra da camaata mənfəət verirlər. Yevropanın özündən daha əvvəllərdə belə mənbəyi-mənafe olan şəxslərin qədr və qiymətini bilməzdilər. Onların halına etina etməzdilər. Onlara ibrazi-məharət üçün vüsət və böyük bir meydan verməzdilər. Lakin bir neçə zamandan sonra bunların xeyirli və lazımlı adam olduqlarını bilib, qəbirlərini ziynətləndirdilər. Lakin bu halda məhz bu adamların sayəsində Yevropa hər bir barədə o qədər tərəqqiyə çatıbdır ki, indi elə adamlara, onların məharətlərinə böyük qiymət qoyurlar və hər cür vüsət verirlər ki, daha da artıq məharət göstərə bilsinlər. Hər halda yaxşısını yamandan seçirlər. Bu gün bunun sayəsindədir ki, Yevropada cürbəcür istedad sahibləri mövcud olub tərəqqi və təməddünü getdikcə artırırlar. Lakin bizlərdə millətin tərəqqi və təməddününə böyük bir ehtiyacı olan bu zamanda, bu cürə tərəqqi və təməddün mənbəyi olan şəxslərə heç bir qədr və qiymət qoyanlar yoxdur. Onlara vüsət verən, qabaqlarına tez bir meydan açan adamlar yoxdur, əksinə istedad sahiblərinin başından vururlar, həvəsdən salırlar, incidirlər, haqqında bir çox narəva və nagüvara işlər görürlər. Odur ki, hər bir istedad sahibi də bilmərrə sövq və həvəsdən düşüb, adi adamlar cərgəsinə girib də kəsbi-ruzi dalınca gedirlər və bunun üçün adi işlər, yəni özlərindən başqa heç bir kəsə mənfəəti olmayan işlərə girişirlər və belə bir mübarizeyi-həyatiyyə yolunda hər bir istedadlarını da qaib edirlər. Təəccüb və təəssüf ediləcək yer burasıdır ki, maarif və tərəqqi nəşri üçün təşkil edilmiş cəmiyyətlərimizdən heç biri bu işə, yəni istedad sahiblərinin ibrazi-məharəti üçün lazım olan ehtiyacatını rəf etmək işinə heç bir diqqət yetirmirlər. Əksinə! Çoxlarını bil külliyə nəzərdən salıb, vücuduna belə heç bir qiymət qoymurlar. Qeyrilərinin də üzərinə min cürə təkliflər qoymaqla halını daha da ağırlaşdırıb, istedadını tamamilə məhv edirlər. Halbuki cəmiyyət başında duranların borcu bu cürə istedad sahiblərinə hər cür riayətlər göstərməklə onun ibrazi-məharətinə kömək yetirməlidirlər ki, əhali də o məharətdən istifadələr etsin. Zatən, bu məqamda xüsusi bir cəmiyyət təşkilinə böyük ehtiyac vardır. Belə bir cəmiyyət ki, istedad və qabiliyyət və yaxud böyük elm sahiblərini ibrazi məharət üçün hər növ təşviqata girişsin. Həqiqətən – millət bir bağ yeridir, qabil və müstəid adamlar isə o bağın meyvəli ağacları və ətirli gülləri mənziləsindədir. Məsələn, ənvai elmlərə və fənlərə dara olanlar meyvəli ağaclar mənziləsindədir. Sənayeyi-nəfisə sahibləri isə ətirli güllər yerindədir. Ləziz meyvələr insanın bədəninə, müəttər güllər də insanın ruhuna ləzzət verən kimi, elm və fünun sahibləri əhalinin ağlını, sənayeyi-nəfisə sahibləri də camaatın ruhunu tərbiyə edirlər. Kim istəməz ki, onun bağında meyvəli ağaclar və ətirli güllər bitməsin? Əlbəttə, heç kəs! Kim istər ki, onun bağında çəpər və bisəmər ağaclar ilə bərabər ətirli gül əvəzinə də keçi tikanı və ələf bitsin? Əlbəttə, heç kim! Lakin meyvəli ağac və ətirli gül bitirmək üçün bunların bitib yetməsinə müsaid olan şərtləri hazırlamalıdır. Yoxsa ki, gülün hər bir tərəfini alaq basa, sən də heç bir kömək yetirməyəsən və özün də durub güldən ətir və təravət təmənna edəsən – insafsızlıqdır. Bəli, hər halda yaxşı bağbanı ola biləcək bir cəmiyyətə böyük ehtiyacımız vardır. * * * Keçən gün bu ünvan altında yazdığımız məqalədə istedad və qabiliyyət büruz edən adamlarımıza vüsət və meydan verilməsi lüzumunu ərz etdik. Bu səfər dəxi o məsələ barəsində bir neçə söz əlavə edək. Zatən illər və əsrlərdən bəri cürbəcür işlərdə və əhvallarda peyda olan və biləxərə bu XX əsrdə dərəceyi-təkmilə çatmağa üz qoymuş olan tərəqqiyə səbəb kimlər olubdur? Şübhəsizdir ki, dahilər, yəni qabiliyyət və istedadi-xariqiladə sahibləri. Əcəba, bu qədər tərəqqiyə çatmış elm və fənlər, ərəstunların, nyutonların, arşmedlərin, uluqbəylərin, farabilərin və bunlardan sonra gələn dahilərin istedad və qabiliyyəti-xudadadisi sayəsində deyilmi? Hankı elmə, hankı fənnə, hankı sənətə əl aparsan, görərsən ki, tərəqqiləri yolunda bir dövrə və dahilərə borcludurlar. Belə olduğu surətdə hər bir dahinin istedad və qabiliyyət sahibinin hankı işdə, hankı halda olur-olsun ümuminsaniyyətə və baxüsus öz millətlərinə böyük mənfəəti vardır. Ona görə bu cür adamlara qiymət qoymamaq olurmu? Bu gün mütərəqqi və mütəməddin Yevropa elə adamların mənfəətini və binaəlyeh qədrini çox gözəlcə bildiyinə görə həmişə onlara yol verir. Qabağını arıtdıyır, onun ibrazi-məharətinə mane olacaq hər bir əngəlləri rəf və dəfə çalışır. Çünki onun vücudundan mənfəət görülür. Hal-hazırda ki, havada uçmaq üçün mahir və qabil adamlar cürbəcür alətlər icad edirlər. Hər kəs bu işlərə ən böyük məharət göstərsə, bütün Yevropa ona sitayiş edər. İstər o adam hambal olsun, istər padişah. Nədəndir ki, məsələn, İranda da elə hava gəmisi icad edəcək dərəcədə qabiliyyət və istedad sahibləri yoxdur? Xeyr, var! Lakin onların meydana çıxmağa vüsətləri yoxdur. Onların qabiliyyət və qüvvətləri hələ pünhan haldadır. Necə ki, bu gün İranın üst tərəfi fəqir və pulsuz olduğu halda, alt tərəfi cürbəcür mədəniyyət xəzinəsi ilə doludur. Həmçinin zahirdə bivec görünən adamların batində istedad və qabiliyyət xəzinələri vardır. Həmçinin bizdə. Elə zənn edilməsin ki, bizlərdən ancaq qaçaq və quldur çıxa bilər, xeyr! Zatən qaçaq və quldurluğun özü də xüsusi bir istedad və qabiliyyətə möhtacdır. O səbəbə görədir ki, bizim aramızda qaçaq və quldurluğa vüsət verildiyinə görə məşhur qaçaq və quldurlarımız da çox olubdur. Hələ tək Bakı şəhərinin özündə qoçuluq məharətinə böyük bir meydan verildiyinə görə şəhərdə cürbəcür məşhur qoçular əmələ gəlmişdir. Çünki əvvəldən qoçuluğa qabiliyyət və istedadı olan adamlar, qabaqlarında böyük bir meydan görüb və heç bir mümanət görməyib, öz istedadlarını ibraz ilə məharət göstərdilər. Lakin bizə bu cürəmi istedadlar lazımdır? Halbuki bundan bizim özümüzə və ümuminsaniyyətə zərərdən başqa mənfəət yoxdur. Xeyr. Bizə mənfəətli istedadlar lazımdır. İstedad, yəni meyvə! Lakin bizə zəhəralud meyvələr lazım deyildir ki, canımızı tələf etsin. Şirin və dadlıları lazımdır ki, bədənimizə mənfəət yetirsin... Mən öz içimizdən bir çox savadsız və elmsiz adamlara təsadüf etmişəm ki, bir də görürsən özündən cürbəcür şeylər icad edir. Yaxud ən ali və filosofanə məsələlər həllinə məşğul olur. Yaxud iti və müəssir bir dil ilə danışmaq qabiliyyəti var. Mən bu cur adamları gördükdə, həm onların özlərinə və həm də öz millətimizə və hələ ümuminsaniyyətə də yazığım və heyfim gəlir. Deyirəm ki, indi bax bu bədbəxtləri vaxtında oxutsaydılar və onları öz qabiliyyətləri iqtizasınca təlim etsəydilər, bunlardan məşhur adamlar çıxıb həm özlərinə və həm millətə və həm də ola bilsin ki, bütün insaniyyətə böyük xidmətlər göstərərdilər... Hələ onlar kənarda dursun, oxumuşlarımız içində də cürbəcür elm, fənn və sənətdə bir çox müstəid və qabil adamlarımız vardır. Amma nə etməli ki, onlar üçün şərait, məişət o qədər namusaid və o qədər müşküldür ki, asudə nəfəs almağa belə imkanları yoxdur. Məktəblərimizdə oxuyan şagirdlərə baxıram, onların içində elələrini görürəm ki, istedad və qabiliyyəti xariqüladələri özlərində, işlərində, danışıqlarında aşikardır. Və fikir edirəm, əcəba bunlara vüsət veriləcəkdirmi ki, öz istedadları iqtizasınca təlim görüb axırda işlərindəki məharətlə millətə mənfəətlər yetirsinlər. Yoxsa, ağır şərait içində hər bir qabiliyyətləri məhv və nabud olacaqdır. * * * Bəli, istər oxumuşlarımız, istər oxumamışlarımız, istər oxumaqda olanlarımız arasında istedad və qabiliyyəti-xariqüladə sahibləri heç yox dəyildir və gələcəkdə də olacaqdır. Bu cürə adamların da millət üçün və hətta ümumi insaniyyət üçün mənfəətli olduğunu söylədik. Ancaq bunlardan istifadə etmək lazımdır. Biz məqaləmizin hamısında bu növ adamları meyvəli ağaclara və ətirli güllərə bənzətmişik. Və demişik ki, bir bağın bir guşeyi behişt-asa olmasına səbəb, içindəki meyvəli ağaclar ilə ətirli güllərdir. Həmçinin bir millətin hər bir barədə tərəqqi və təməddününə səbəb də onun dahiləri, yəni istedad və qabiliyyəti-xarüqiladə sahibləridir. İndi fərz edəlim ki, sən bir bağ salmaq istəyirsən, onun üçün əvvəlcə münbit bir yer hazırlayırsan, yəni o qədər qüvvətli torpaq tökürsən, hər bir əkdiyin bitki yaxşı bitsin. Sonra başlayırsan meyvəli ağaclar əkməyə və güllər toxumu səpməyə, meşədə olan “cır” ağaclardan gətirib bağında əkirsən, sonra onu calayırsan (peyvənd eyləyirsən). Yaxud gətirdiyin “cins” ağacın yerini o qədər rahlıyırsan ki, meşədə qalıb da xarab olmağa üz qoyan cins ağac sənin bağında təravətlənib gözəl meyvələr yetirir: əkdiklərini vaxtında suluyursan, vaxtında torpaqlıyırsan, vaxtında alağın alırsan, qışda soyuqdan gözləyirsən, qurd-quşunu tələf eliyirsən. Qərəz hər nə lazımdır, onu eliyirsən – əvəzində də gözəl, dadlı meyvələr və geniş ətirli güllər görüb ağzın da dadlanır. Ruhun ləzzət aparır. Bağın içinə girdikdə guya dərdi-qəmdən azad olursan. Həmçinin sən dərd və qəmdən azad olursan, nə vaxt? Qafqaz şəhərlərinin müsəlman hissəsini gördükdə, yoxsa xaricilər hissəsini? Əlbəttə, xaricilər hissəsini. Yaxud: Ərdəbil, Həmədan şəhərlərini gördükdə, yoxsa Paris, Berlin şəhərlərini? Əlbəttə, Paris və Berlin kimi şəhərləri. Nə səbəbə? Nə üçün? – O səbəbə ki, o hissələr və o şəhərlər bu hissələr və bu şəhərlərdən gözəldir. Təmizdir, ruhəfzadır, adamları salamatdır, əlil, miskin yoxdur... – Bunun səbəbi nədir? – Əlbəttə tərəqqi və təməddündür. – Tərəqqi və təməddünün səbəbi isə – istedad və qabiliyyət sahibləridir ki, o barədə qabaqda çox danışmışıq. Bəs aşikardır ki, bağın gözəlliyini arzu edən adam cins ağaclar axtardığı kimi, millətin tərəqqi və təməddününü arzu edən adam da müstəid və qabil adamlar axtarmalıdır. Cins ağac tapan bağban o ağacın başına dolanan kimi, yəni onu hər bir zərərdən gözləyib, hər bir ləvazimatını hazır edən kimi, bu da haman müstəid və qabil adamın başına dolanmalıdır. Amma... İş bu məqama gəldikdə bir çox adamlar xorluyurlar və deyirlər: mənə nə düşübdür ki, məsələn, Məmmədcəfərin başına dolanam? Əcəba, bəs bağbana nə düşübdür ki, alma ağacının başına dolanır? Əgər bunun məqsədi ağac başına dolanmaqdırsa, bəs nə üçün qaraağacın başına dolanmır? Görünür ki, bunun məqsədi ləzzətli almalar görməkdir ki, alma ağacının başına dolanır. Və madam ki, Məmmədcəfər bir elmdə, bir fənnidə və ya bir sənətdə qabil və müstəiddir və sən də özünü millət tərəqqisini arzu edənlər cümləsinə verirsən, o halda, əlbəttə, sənin də borcun Məmmədcəfərin başına dolanmaqdır ki, bu Məmmədcəfər, öz istedadı və qabiliyyətini düz yolunda işlətməyə məqduru olsun ki, içindən millətə mənfəət çıxsın... İndi sən deyəcəksən ki, nə üçün Məmmədcəfər özü millət əfradı olduğu halda, öz-özünə millətə mənfəət yetirmir. Mən başına dolanmasam olmazmı? Xeyr, olmaz! Alma ağacının vaxtında altında həmişə münbit torpağı, üstündə şəfəqli günü, vaxtında suyu və başqa ləvazimatı olmasa, alma verməz. Versə də “cır” alma olar. Həmçinin Məmmədcəfərin də məişət ehtiyacatını rəf edəcək ləvazimatı hazır olmasa, o, öz qabiliyyət və istedadını lazım olan surətdə işlədə bilməz. O, ancaq bütün var qüvvəsini məişət mübarizəsinə sərf edər və axırda hər bir istedad və qabiliyyətini də bu yolda məhv və nabud edər. Məsələn, Məmmədcəfərdə böyük bir ədiblik istedadı var imiş, lakin onu vaxtında oxudan, onun bu istedadını nəşvü-nüma edən olmayıbdır. Odur ki, indi Məmmədcəfər də acından ölməmək üçün hamballıq edir, yaxud çörəkçidir, yaxud Məmmədcəfər oxuyubdur və qabiliyyətini ibraz edir, xalq da o qabiliyyətdən mənfəətbərdar olur, lakin əvəzində Məmmədcəfərə bir şey verilmir ki, məişət keçirə bilsin. Ona görə Məmmədcəfər də millət üçün mənfəət gətirən qabiliyyətindən əl çəkməyə məcbur olub, özü üçün mənfəət verən başqa bir sənət dalınca gedir və yaxud burada qabiliyyətinin sui-istifadə olduğunu görüb, başqa bir məmləkətə getməyə məcbur olur. Necə ki, məşhur təbib Meçnikov Rusiyada buna heç bir etina olunmadığını görüb, indi bu saat əcnəbi bir məmləkətdə ibrazi məharət etməkdədir. Və xalq da qədrini bilir. Ruslar isə indi başa düşüblər ki, o kişi mənfəətli adammış. Yaxud keçənlərdə qəzetəmizdə tərcümeyi-halını dərc etdiyimiz məşhur müstəşəriq Vamberi öz məmləkətində buna heç bir qədir qoyan və etina edən olmadığını görüb, İngiltərəyə getməyə və orada ibraziməharət etməyə başladı. Ağıllı ingilislər bunun nə qədər mənfəətli bir adam olduğunu o saat duyub onun məişətini təmin etdilər ki, mənfəətindən də layiqli surətdə istifadə etsinlər. Vətəndaşları isə öz hərəkətlərindən peşiman olub sonra Vamberiya əldən gələn hörmət və ehtiramı müzayiqə etmədilər. Bu cürə misallar millətlər tarixində nə qədər desən çoxdur. Polyak milləti öz istedad və qabiliyyət sahiblərinə əldən gələn qədər ehtiram və kömək edirlər və adamların sayəsindədir ki, bu gün polyaklar ruslardan mütərəqqi və mütəməddin olub da bu qədər təzyiq və pərişanlıq altında qalmaqla belə öz milliyyətlərini gözəlcə mühafizə edib, bir gün müstəqil bir millət olacaqlarından ümidlərini kəsmirlər... * * * Müəllimlərimiz və mətbuat Keçən sənələrdə yenə də heç olmasa bir para müəllimlərimiz qəzetələrdə nafe məqalələr yazmaqla oxuyanlara bir növü mənfəət yetirirdilər. Lakin bir neçə zamandan bəridir ki, müəllimlərimizdən heç bir səs və səmir yoxdur. Guya müəllimlərimiz ümumi işlərə daha müdaxilə etmək istəmirlər. Guya bunların mətbuat səhifələrində müzakirə olunacaq heç bir ehtiyacları, mühüm məsələləri yoxdur. Və guya oxucularımızın bunların məqalələrinə heç bir möhtaclığı dəxi yoxdur, halbuki həqiqətdə belə deyildir. Müəllimlər əhalimizin savadlıları və əhalimizə savad öyrədən olduqlarından onlar mətbuata daha artıq əhəmiyyət verməlidirlər. Əhalimizin övladı, mütəəllimlərimizin bilavasitə ağızdan söylədiyi sözlərə möhtac olduqları kimi övladların ataları da müəllimlərin onlara dair söyləyəcək olduğu sözlərə möhtacdır. Bu sözləri də ancaq mətbuat vasitəsilə söyləmək mümkündür. Bir çox məsələlər vardır ki, təlim və tədrisə dair bir müəllim bilən şeyi çox vaxt o biri müəllimlər bilmirlər. Bir çox məsələlər vardır ki, o barədə müəllimlərin fikri lazımdır. Ümum müəllimləri bir yerə yığmaq və orada təlim və tədris xüsusunda danışmaq, fikir verib fikir almaq nə qədər mühüm bir işdir. Amma müəllimlər ictimai bu halda həmişə mümkün deyildir. Halbuki belə bir ictimaə möhtac olmayıb da mətbuat vasitəsilə mübadileyi-əfkar etmək mümkündür. Bu isə zənn edirəm ki, çətin bir iş deyildir. Təlim və tərbiyə məsələlərindən başqa min cürə ümumi məsələlər vardır ki, onların həlli yolunu da bir çox müəllimlərimiz gözəlcə bilirlər. Ona görə də bu yolda dəxi qələmləri ilə çox kömək edərlər. Kənd müəllimlərimizin isə bu yolda vəzifələri daha artıqdır. Məlumdur ki, kəndlərimizin qismi əzəmi cəhalət guşəsinin timsalıdır. Bu qaranlıq yerdə bir işıq varsa, o da kənd müəllimidir. Hər bir kəndin hər bir ehtiyacı kənd müəlliminə gözəlcə aydındır. Belə olan surətdə bu barədə dinib-danışmamağın nə mənası vardır. Necə ola bilər ki, yanında olan adamların çəkdiyi əziyyətləri, ehtiyacları görə-görə və bilə-bilə bu barədə sükut-ixtiyar edəsən və danışmayasan. halbuki, səni danışmamağa məcbur edən heç bir şey yoxdur. Yenə də Rusiya müsəlmanları içində içəri Rusiyanın müsəlman müəllimləri bu barədə mətbuat vasitəsilə həm özlərinə və həm də əhaliyə bir çox mənfəətlər yetirirlər. O tərəflərin qəzetlərini açdıqda içində bir-iki nafe məqaləyə təsadüf olunur ki, müəllifləri müəllimlərdir. Amma bizim Qafqaz müəllimləri bu qədər ehtiyacatın vücudu ilə mətbuata əhəmiyyət vermirlər. Bir kəlmə, öz mühitlərinə laqeydanə bir nəzərlə baxırlar. Bu isə arzu olunan işlərdən deyildir. * * * Kənd-kəsəklərimiz Bəzi yevropalılar var ki, vətənlərində və ya həmcivar məmləkətlərdə əhalinin daim mədəni bir məişət sürmələrindən və hər yerdə yekrəng bir ömür ilə yaşamalarından təngə gəlib, elə bir yer axtarır ki, orada əhali mədəniyyətdən bixəbər olsunlar. Və ona görə də məişətləri başqa cür olsun. Başqa şərait üzrə yaşasınlar ki, yevropalı da oraları seyr etdikdə tazə qəribə şeylər görsün. Bir sözlə elə yevropalı, mədəniyyət cəhətincə “bakirə” yerlər axtarır, bunun üçün Amerika, Avstraliya qitələrinə və ya qitaati-xəmsədən uzaq olan cəzirələrə gedir ki, orada yaşayan vəhşilərin məişətlərini görsün. Əxlaq və adətlərinə diqqət yetirsin. Amma məncə avropalı əbəs yerə Amerika və Avstraliyanı niyyət edib də seyrə çıxır. Çünki oralarda vəhşilər tapılmağına şübhə vardır. Doğrudur, qədim zamanlarda Amerika və Avstraliya belələri ilə dəlu idi. Bunların doğrudan da xüsusi tərz məişətləri, başqa cür adətləri vardı, amma indi mədəniyyət oralarda o qədər təsir edibdir ki, o yerlərin vəhşiləri də avropalıların özləri kimi məişət sürüb heç bir şeydə fərqləri yox kimidir. Amma, əgər o yevropalı, Amerika və Avstraliyanı tərk edib də bizim bu Zaqafqaziyaya ayaq bassa və Zaqafqaziyanın müsəlman kəndlərini seyr etsə, – doğurdan da öz muradı istədiyini buralarda tapar. Çünki bu XX əsrdə mədəniyyət cəhətincə bəhəqq “bakirə” olan yerlər varsa, onların əhəmiyyətlisi bizim kənd və kəsəklərimizdir. Buralarda mədəniyyətdə cüzi də olsa, bir əsər axtarmaq, bir anbar buğda içində bir dənə darı axtarmağa bənzər. Doğrudan da Zaqafqaziyada çox az kənd taparsan ki, orada məktəb deyilməyə yarısı qədər layiqli olan bir müəssisə ola, doğrudur, bəzi kəndlərin yarısı uçub tökülmüş olan məscid içində çoxdan bəri İrandan qəti əlaqə etmiş olan bir çolaq “molla” taparsan ki, üç-dörd dana uşağı başına yığıb çərəkə oxudur. Amma bunun özü də cəhalətin birinci nişanəsidir. Bütün kəndi axtarsan bir nəfər savad əhli görməzsən, gördüyün adamların hamısı dünyadan bixəbər, zəlil və məqbun... Bir yerdə ki, elm və maarif olmadı, orada zülm və istibdad hökmüfərma olar, bütün kəndin ağası ya yüzbaşıdır və ya bir nəfər yasavul! Bütün kənddə bunların hökmü caridir, bir nəfərin bunlara etiraz etməyə və ya əmrlərinə qulaq asmamağa haqları yoxdur. Hər kəndlinin bəxti və taleyi bu məmurların kefinə bağlıdır. Bunlar istəsələr kəndlini “xoşbəxt” edərlər, istəsələr “bədbəxt” edə bilər. Lakin “xoşbəxtlik” mərtəbəsinə çatmaqda bir bu qədər asan deyildir. Bunun üçün çox vaxt əvvəlcə vardan-yoxdan çıxmaq lazımdır. Bu gunə “məmur”lar kənd əhlinə o nəzər ilə baxırlar, nə nəzər ilə ki, Bakıda konka atlarına baxılır. Kəndlini hər dəqiqə döymək, söymək, təhqir etmək adi bir işdir ki, “pulsuz iş keçməz”. Hətta belə bir etiqad da var ki, kəndli hərdən haq-nahaq döyülüb söyülməsə, o halda “azar, qudurar”. Hələ bunu da müəkkid surətdə deyirlər ki, kəndlilərin özləri “mülayimliyi” sevmirlər. Üstlərində şədid bir əl olmağı arzu edirlər. Hər yerdə mədəni kəndlilərin səhər tezdən durduqda birinci fikri əkin, bağ, bostan, mal-qara isə, bizim kəndlilərin birinci fikri, daha doğrusu, birinci hissi (çünki fikir yoxdur) yasavul ağanın filan əmri ki yerinə yetirməkdir və ya filan kəndlinin “ağa” qabağında şeytanlamaqdır. Çünki istibdad olan yerdə, istibdaddan törəyən hər nə murdar şeylər varsa, məsələn, danosbazlıq, bir-birini şeytanlamaq, yalan söyləmək, quyruq bulamaq, əl-ayaq öpmək və hər cür rəzalət dəxi hökmfərma olar. Pristav yazıçılarından biri bizə söyləyirdi ki, kənd əhli mənim işıldayan düymələrimi gördükdə, az qalırdılar ki, yerə yıxılsınlar. Qocaları, ağsaqqalları “cürət” edib mənə tərəf yaxınlaşıb, əlləri döşündə olaraq deyirdilər: “A yaranal, qırma bizi!”. Yanımda olan yasavul bunlara bir-iki tatarı çəkdi, qovaladı. Mən yasavula: – Nə üçün bunları vurursan? – dedim. Cavab verdi ki, belə edilməsə, bunlar qudurub başımıza çıxarlar... İşıldayan düymə sahiblərinin hər bir sözü kəndli üçün bir qanun və zakon hökmündədir. Bir çox qaçaq və quldur taparsan ki, onların bu vəhşi sənətlərinin baş səbəbi bir hökmə qulaq asmamaq olubdur... Belə şərait üzrə yaşayan kəndlilərin şübhəsizdir ki, əhvaliiqtisadiyyələri ən alçaq bir mərtəbə olacaqdır... * * * Ordan-burdan 46 Bir az da öz işimizdən, daha doğrusu, öz içimizdən danışaq... Adam qəzetəni əlinə alıb açanda “müharibə”dən başqa bir şey görmür. Hərçəndi bu halda, lap qızıq bir şey varsa, o da yenə elə “müharibə” xəbərləri, amma yenə də öz işimizi və öz içimizi yaddan çıxartmayaq. Götürək, məsələn, bizim boşboğazlarımızı və buradan bir haşiyə çıxaq. Bu halda Avropa adamlarının hansı biri ilə danışıq eləsən və hansı məsələyə əl vursan, baxıb görərsən ki, bu adamın hər bir məsələdə bir müəyyən nəzəri vardır. Amma bizlərdə elə deyil. Məsələn, Kərbəlayı Əliquluya deyirsən ki: Kərbəlayı Əliqulu, qatıq ağdır, Kərbəlayı Əliqulu deyir ki, doğrudur ağdır. Bir də görürsən ki, boşboğazlarımızdan biri çıxdı və dedi: Xeyr, qatıq qaradır və onun ağlığı da məhz qaralığındandır. Kərbəlayı Əliqulu razı olub deyir ki, doğrudur, qatıq qaradır. Sonra bir ayrı boşboğaz çıxıb Kərbəlayı Əliqulunu inandırır ki, qatıq qırmızıdır. Kərbəlayı Əliqulu inanır... deyirlər sarıdır, – inanır... yaşıldır, – inanır. Qərəz, Kərbəlayı Əliqulu olur bir yaş çubuq, hara əyirsən ora əyilir. Bu nədən belə olur? Nə üçün Kərbəlayı Əliqulu ora-bura əyilir. Bu ondan ötrü olur ki, Kərbəlayı Əliqulunun qatığın ağlığı barəsində nəzəri müəyyən, etiqadı dürüst və imanı kamil dəyil. Kərbəlayı Əliqulu qatığın rəngindən bixəbərdir, odur ki, hər kəs hər nə deyir ona qulaq asır və axırdan axıra yenə bilmir ki, qatıq nə rəngdədir. Əlbəttə, Kərbəlayı Əliquludan murad-umum camaatımızdır və qatıqdan da murad camaat işlərimizdir. Bəli, insanın gərək nəinki bir din və ayin, bəlkə hər bir barədə dürüst bir etiqadı olsun. Amma bəşərtiha və bəşirutiha! Etiqadı yaxşısına olsun, pis şey olmasın. Məsələn, deməsin ki, mənim etiqadıma görə oxuyub yazmaq haramdır və ya zərərdir. Əksinə, etiqad etsin ki, elm və mərifət ən vacib şeylərin böyüyüdür və hərgah boşboğazın birisi desə ki, oxuyub yazmaq pis şeydir – cavab versin ki, xeyr, boş danışırsan. Boşboğaz kimdir? Boşboğaz – camaat işlərinə zərər vuran, bir para bi-məni vücudlardır ki, özlərinin əllərindən heç bir şey gəlmir, bişüurdurlar, bivecdirlər və bununla belə həsuddurlar, xain və xasirdirlər. Sənətləri nədir? Onu pisləmək, bunu pisləmək, bacarıqlı adamları söymək, iş görənlərə zərər yetirmək, fitnə salmaq. Camaətimizin, yəni yaxşı ilə pis barəsində dürüst etiqadı olan camaatımızın borcu odur ki, haman müzürr boşboğazları tapıb, ağızlarını açan kimi ağızlarına vursun, yol verməsin, qudurtmasın və bu yol ilə onların bazarını kasad edib, meydandan çıxartsın, qovsun... Amma bunun üçün yaxşıya və yamana etiqad lazımdır ki, boşboğazların fikri haman dəm aşkar olsun... * * * Ordan-burdan 47 Məzəli-məzəli işlərimiz olur. Kasıbı və fəqiri görəndə yazığımız gəlir, deyirik ki, ah, bu nə üçün belə fəğirdir. Dövlətlini və nahaq yol ilə bir pul qazananı görəndə acığımız tutur. Deyirik ki, bu “cibişdan” üçün çalışır. Bu, biməzə olan “cibişdan” sözü boşboğazlarımızın ağzından düşməyən bir sözdür ki, yerli-yersiz işlətməkdədirlər. Deyirlər ki: “Filankəs “cibişdan” üçün çalışır!” Onda bunlara demək gərək ki, bəs sən nə üçün çalışırsan? Hərgah sən pul qazanmaq üçün çalışmırsansa, bəs nə yeyib, nə içirsən? Hamımız bilirik ki, bu əyyamda pulsuz adam acından ölər. Heç kəs ona ömrü olalı müftə yerə çörək verməz. İndi ki sən pul qazananları pisləyirsən, görünür ki, sən özün pul qazanmırsan. İndi ki sən pul qazanmırsan, görünür ki, sən acından ölürsən. İndi ki sən pul qazanmırsan və acından ölmürsən, görünür ki, sənin ata-babadanqalma pulun var. Ata-babanın zəhməti ilə qazanılmış pulu biduni zəhmət yeyib, içib hələ pul qazananlara da, atan, baban da içində, söyüş söyürsən. Yalandan deyirlər ki: “Cib” üçün çalışmaq lazım deyil. “Millət” üçün çalışmaq lazımdır. Bir adam ki, heç öz-özünü dolandıra bilməyə o adam millətə qulluq edə bilərmi? Bir adam ki, 5-6 nəfər külfətini saxlaya bilməyə, o adam bir böyük millətin qeydinə qala bilərmi? Deyirlər ki, “cibişdan üçün çalışma, millət üçün çalış!” Bu, boş və axmaq sözdür. İnsan gərək həm özü üçün və həm də ümum milləti üçün çalışsın. Əgər sən əhli-əyalını ac qoyub, başqa işlərə məşğul olsan, o halda sən millətə düşmənsən. Çünki, sənin ac qalan əhli-əyalın da millət üzvləridir. Amma oxucular elə bilməsinlər ki, doğrudan da boşboğazlar öz mənfəətlərini qoyub, tək millət üçün qulluq edirlər və sairlərini bu işə çağırırlar. Xeyr a! O qədər də bilmə! Boşboğazlar öz ciblərini bərk-bərk tutub, özgənin cibinin hesabını çəkirlər ki, bu nə qədər pul qazanır və onun nə qədər prosenti eləyir. Özü hər məqamda və hər anda xalqı haqq-nahaq soyur, alladır, tovluyur, amma xalqın halal pulundan “millətə” pay istəyir. Bu günə axmaq adamlar millət düşmənidirlər. Onların zərərdən başqa heç bir xeyri ola bilməz. Millətimizin onlara bir sözü ola bilər: “Məra bə xeyri to ümmid nist, şərr mərəsan”. * * * Ordan-burdan 48 Keçmişdə köhnə mədrəsələrimizin cığbığını, bir bucaqda mürgüləyən mollanın, onun çırt çubuğunun və “Çubi tənbihini” fələqqəni, Gülüstan, Bustan, Çehil Tuti, Yusif Züleyxa, Cameyi Abbas və sairlərini yada salıb və indiki münəzzəm, müntəzəm elm oxudan baqaidə məktəblərimizi görüb, öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə küçələrdə avara və sərgərdan qalıb, öyrəndikləri tək bir cürbəcür, pis-pis söyüşlər olan oğlan uşaqlarımızı yada salıb indiki çadra başında və kitab qoltuğunda məktəbə yüyürən qızlarımızı görüb öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə minbərə çıxıb, hənanın nə sayaq yaxılmağından və insanın nə etsə, cünub olduğundan, məscidə yığılmış adamlarla söhbət edən mollaları yada salıb və indi minbər başından əhalini tərəqqi və təkamül yoluna çağıran axundlarımızı görüb öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə dev, əjdaha, ilan, qurbağa nağılları ilə başları dolmuş və dünyadan heç bir xəbəri olmayan əsnafımızı yada salıb, indi onların əllərində müsəlman qəzeti oxuyub, rus, alman, fransız, ingilis mübahisələrini eşidib öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə ağlaşmaya getməkdən başqa bir şey bilməyən və oğlu dərs oxuyandan sonra ağzını suya çəkən arvadlarımızı yada salıb, indi qızının bu klasdan o biri klasa keçməsi üçün məktəbə yüyürüb müəllimlərə yalvaran arvadlarımızı görüb öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə boş vaxtını bomboş qalan teatrlarımızı və yainki bir neçə nəfər tamaşaçı ilə üç-dörd nəfər artistin camaatdan xəlvət qısıla-qısıla və qorxa-qorxa teatra getməklərini yada salıb və indi teatrımızın, qoca, cavan, bəy, hacı, arvad və kişi ilə ağzına qədər dolmasını görüb, öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Keçmişdə əcnəbilərin zor ticarətini və müsəlmanların hisli-paslı və içində üç cüt bir tək qoz olan dükanlarını yada salıb, indi özümüzün böyük-böyük mağazalarımızı və şirin-şirin alverə öyrəndiyimizi görüb, öz-özümə deyirəm ki: – Pərvərdigara, dərgahına şükür! Mənə deyəcəklər ki, əh, nə olsun, indi də köhnə mədrəsələrimiz, avara və sərgərdan balalarımıza həna yaxmaq öyrədən mollalarımız, dünyadan bixəbər əsnafımız, ağlaşmaya yüyürən arvadlarımız, boş teatrımız və bişurur alış-verişçilərimiz vardır. Onda cavabında deyərəm ki, o vaxt onlar “var idi” “bunlar” yox idi, indi “onlar da var, bunlar da var”, bir az dəxi əcəl macal versə görərik ki, “onlar” yoxdur, “tək bunlar” var. Mən ki buna inanıram, sən istəsən inanma! * * * Zemstvo haqqında Bu axır vaxtlar Qafqazda zemstvo idarəsi təşkili xüsusunda məsələlər açılıb, bəzi məhəllələrdə bu barədə xüsusi iclaslar da vaqe olur. Zemstvo idarəsinin tərtib və təşkilinin təşkilatını sonraya qoyub, bu gün zemstvonun ümumiyyətlə nədən ibarət olduğunu oxucularımıza bildirməyi lazım bildik. Şəhərlərimizdə Qorodskaya duma deyilən şəhər idarələrinin borcu olmadığı vaxtlar bir çoxlarımızın yadındadır. O vaxtlarda şəhərin bütün işləri hökumətin məmurlarının əlində idi, o idi ki, şəhərin, məsələn, maarif işi küçə-bazarın təmiratı, xəstəxanalar, su gətirtmək üçün şəhərdə araba hərəkəti və ümumiyyətlə, şəhər avadanlığı hökumət məmuru əlində olub, bunların heç birində əhalinin iştirakı olmazdı. Lakin Qərb məmləkətlərinin şəhərlərində olan qaydaya imtisalən Rusiya şəhərlərində də 1892-ci ildən etibarən şəhər idarələri təkfir olunmağa başladı. İndi o zamandan bəridir ki, hər bir şəhərimizdə şəhər idarələrinin mövcib olduğunu və bu idarələrin şəhər avadanlığı və məmurluğu üçün nə qədər kömək etdiklərini öz gözümüz ilə görməkdən başqa bütün vücudumuzla hiss etməkdəyik. Şəhərimizin hər bir mədaxilatı, şəhər idarəsini təşkil edən, öz seçilmişlərimizin əlində olub, onların məsləhət və silahdidi şəhərin hər bir cəhətincə abadanlığına sərf edilməkdədir. hökumət isə, bu işlərə nəzər yetirib, şəhər idarəsinin qərardadlarını təsdiq edir. Əlbəttə, şəhər idarələrinin, əvvəla, sərbəst iş görməkdə bir o qədər də əli açıq deyildir və saniyən keçmiş işlərində də bəzi sıxıntılar vardır. Lakin bunlar başqa məsələdir. Hər halda şəhərlərimizin abadanlıq işi şəhər əhlinin öz iştirakı ilə icra edilməkdədir. Bəs kənd işlərimizin abadanlıq işlərinə kim baxır? Məsələn, kəndlərdə məktəblər açmağa, yollar salmağa, çaylardan körpülər saldırmağa, xəstəxanalar tikdirməyə, su gətirməyə, yağmurluğa və quraqlığa qarşı tədbirlər görməyə və bir çox sair işlərə kim baxır? İçəri Rusiyada bu cürə işlərə zemstvo idarələri baxır, zemstvo idarələri yuxarıda qiyas üçün zikr etdiyimiz şəhər idarələrinin eynidir, ümumiyyətlə təfavüt bundadır ki, şəhər idarəsi yalnız bir şəhər, zemstvo isə bütün uyezd və bütün quberniyanın işləri ilə məşğuldur. Zemstvo idarələri dəxi şəhər idarələri kimi, uyezd və ya quberniya əhalisindən seçilmiş adamlardan təşkil olunduğu üçün bayaq saydığımız işlərin hamısı uyezd və ya quberniya əhalisinin öz iştirakı ilə əmələ gəlir, şübhəsizdir ki, bu sayədə tamam uyezd və quberniyanın məmurluğu və abadanlığı, tezliklə əmələ gəlir. Lakin Qafqazda hələ zemstvo idarələri yoxdur. Bu idarələrin Qafqazda da lüzumu xüsusunda bir çox danışıb və çalışanlar oldu. İndi görünür ki, Qafqazda zemstvo idarəsinin lüzumu hökumət tərəfindən də iqrar edilib bu yaxınlarda ölkəmizdə zemstvo idarələri qurulması üçün lazım olan bəzi hazırlıqlara başlanmaqdadır. Məsələ qəti surətdə həll olunandan sonra Qafqaz müsəlmanlarını belə mühüm olan idarələrdə kəmalınca iştirakə və istifadəyə hazırlamaq üçün zemstvo işlərinə yaxşı bələd olan yazıçılarımızın məqalələri ilə əhalimizi qəzetəmiz vasitəsilə işlərdən xəbərdar etməyə çalışacayıq. Sayca sair millətlərdən çox olan Qafqaz və baxüsus Zaqafqaz müsəlmanlarının zemstvo işlərinə mükəmməl surətdə hazır olmaqları fərz və vacibdir. * * * Ordan-burdan 49 Yazıq ermənilər! Genə yazıq ermənilər! Axı sizə kim qarğış etmişdi? Kimin ahü-nəvası sizi tutdu? Kim bəs sizə dua elədi ki, axırda siz də mübtəla oldunuz? – Nəyə? – Operaya, operettaya! Yazıq ermənilər! Genə yazıq ermənilər! Axı siz görmədinizmi ki, necə bu “opera” müsəlman millətinin evini yıxdı? Aya görmədinizmi ki, müsəlmanların “millətpərəst” jurnalçıları, operanın müsəlman millətinə vurduğu “zərərləri” bir-bir sadalayıb ağlaşma qurub, oxşayırlar, başlarını bulayırlar, ağızlarını açıb gözlərini yumurlar, gözlərini yumub ağızlarını açırlar. Hələ millətpərəst və millətin tərəqqisini “səmimi-qəlbdən” arzu edən jurnalçılar dursunlar kənarda; aya siz özünüz görmürsünüzmü, eşitmirsinizmi ki, Qafqaz müsəlmanları bu “opera” meydana çıxandan bəri necə xarab olubdurlar? Müsəlman nə idi, musiqi nə idi! Müsəlmanın sənəti gərək il uzunu ağlamaq olaydı... ax-vay olaydı!.. Halbuki indi hara gedirsən – “Əsli və Kərəm” genə: dandırı, dandırı, dandırı, dan-dan ey; “O olmasın, bu olsun”un: “Məşədi İbad sən bizə xoş gəlib bizi şad elədin?”, “Arşın mal alan”ın: “Gündüz axşam fikrim-zikrim “Arşın mal alan”ın, “Leyli və Məcnun”un: “Söylə bir görüm ərəb, bu cavan nədən xəstə”. Tacirimizə bax, eşidibdir ki, bu gün “Əsli və Kərəm” oynanılır, dükanı bağlayıb teatra yügürür! Halbuki əvvəllərdə tacirimiz musiqi səsi eşidəndə qulaqlarına pambıq tıxayırdı ki, eşitməsin! Bəylərimizə bax, eşidibdir ki, bu gün “Arşın mal alan” oynanılır, tələsir ki, tez gedib bilet alsın! Halbuki əvvəllərdə bəylərimiz gecələrini qayda ilə şantanlarda keçirirdilər! Qoçumuza bax, eşidibdir ki, bu gecə “O olmasın, bu olsun” oynanılır, qollarını ata-ata teatra gedir! Halbuki əvvəllərdə qoçularımız öz sənətləri olan qoçuluğa məşğul olub teatr-myatr bilməzdilər. Bah, bah! Arvadlarımıza bax, arvadlarımıza! Dəstə çəkib teatra gedirlər! Halbuki əvvəllərdə arvadlarımız hamam ilə ağlaşmaqdan başqa özgə şey bilməzdilər!.. Yazıq ermənilər! Genə yazıq ermənilər! Bəs siz ki, bizdən ağıllı idiniz! Məgər siz bilmirsinizmi ki, opera pis şeydir, musiqi ziyandır! A yazıq ermənilər, nə üçün özünüzü bəlaya salıb “Arşın mal alan”ı, “Məşədi İbad”ı öz dilinizə çevirdiniz, a bədbəxtlər?! Məgər sizin “tərəqqipərvər” və “millətpərəst” jurnalçılarınız yox idi ki, sizi bu “bəla”dan piş-əzvəxt xəbərdar edə idi!.. Ax yazıq ermənilər! Genə yazıq ermənilər! Hayıf, hayıf! Əfsus, sədd əfsus! * * * Ordan-burdan 50 Deyirlər ki, opera dramanın evini yıxdı... Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir. Məqsədimiz budur ki, oxucularımıza bir qədər də teatr “məlumatı” verək. Çünki yəqinimdir ki, bizim oxucularımız: – Drama, komediya, tragediya, opera – sözlərini özgə cürə başa düşürlər; halbuki bu sözlərin mənaları oxucularımızın bildiyi kimi deyildir. Ay oxucu, taxsır səndədir! Hərgah keçən cümə günü teatra gedib “Qəzəvat” dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin əsil mənasını öyrənərdin! İndi ki, sən getməyibsən, onda qulaq as deyim: Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə fikrimə gəlib dedim! Bəli, keçək mətləbə. Gedib teatrda əyləşirsən, pərdə qalxır, oyun başlanır, tamaşa edirsən. Birdən görürsən ki, artist sözünü qurtarıb, o yana-bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nə eləsin: utanır, tərləyir, dodaqlarını gəmirir, camaat da gözlərini bunun üzünə dikib gözləyirlər ki, görək oyunun dalı necə olacaqdır. Binəva artist yalvarıcı bir nəzərlə gah qapılara, gah səhnə dalına, gah suflyor hininə göz dolandırıb, amma heç bir yerdən kömək görmür. Bu binəvanı camaat qabağında belə bir çətin hala salan onun öz yoldaşıdır ki, gərək çıxıb o da öz sözünü deyə idi; amma yoldaşı bivəfalıq edib çıxmaq istəmir... İndi səhnədə naəlac qalmış olan bu artistin əhvalına deyərlər – drama. Bəli, deyirlər ki, opera dramanın evini yıxdı... Ax, genə bu söz dilimə gəldi dedim. Zərər yoxdur! Söhbətin dalına qulaq as. Teatrda əyləşib tamaşaya qulaq asırsan. Birdən görürsən ki, söhbətin şirin yerində pərdə düşdü. Camaat qaldı məəttəl, sonra pərdə qalxdı; sonra yenə endi, sonra yenə qalxdı, sonra yenə endi, bu işin adına deyərlər – komediya. Deyirlər ki, opera dramanı... Əşi tulla bu sözü! Onsuz da bu barədə dörd-beş ildir ki, danışırlar, qulaq as. Bəli, teatrda artist səhnədə məəttəl və tamaşaçılar da oyunun dalına müntəzir qalıb, pərdə gah enir, gah qalxır, gah enir, gah qalxır. Camaat bu komediyadan xoşlanmır, ovqattəlxlik əmələ gəlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binəva başı yalovlu ora yügürür, bura yügürür, ona yalvarır, buna yalvarır, axırda naəlac qalıb iki əlilə başının tüklərini yolur; bunun da bu halına deyərlər – tragediya. Camaat görür ki, işlər şuluxdur. Durub yavaş-yavaş dağılırlar və gedə-gedə yolda bu havanı “Heyratı” üstündə oxuyurlar: Əvvəldən bilseydim, almazdım bu bileti; Dramaçılara Allahdan ağıl istərdim. Buna deyərlər – opera. Bunlar hamısı keçəndən sonra qəzet oxuyanlardan və qəzet oxuyanlara qulaq asanlardan və qulaq asanların söhbətinə yığışanlardan, qərəz müsəlmanların hamısından təvəqqe olunur ki, qurban dərilərini cəmiyyəti-xeyriyyəyə versinlər ki, Qars fəlakət zədələrinin ehtiyacına sərf olunsun; başqa təmənnamız yoxdur. * * * Erməni-müsəlman sülh məclisinə dair Tamam bir ildir ki, vətəni əzizimiz Qafqaz öz balalarının qanına bulanmaqdadır. Tamam bir ildir ki, minlərlə ciyərlər qırğınlar atəşindən od tutub yanmaqdadır. Bu bir ilin içində neçə min canlar tələf oldu. Neçə-neçə ailələr başsız, ata-analar oğulsuz, bacılar qardaşsız, qardaşlar bacısız qaldılar. Evlər talan oldu, oda yaxıldı. Abad şəhər və köylərimiz xarabaya döndü. Yurd itdi, yuva dağıldı... Səbəbi də ermənimüsəlman davası oldu. Belə bir-birinin iç və çölünü biləcək dərəcədə yek-digərinə yaxın olan qonşular, bir-birinin ehtiyacatı həyatiyyəsini rəf etməkdə heç bir müzayiqədə bulunmayan, münasibati-düstanə sayəsində ömürlərinin bir qədərini daim müzayiqə, müsahibə, mülatifə, mülabəsə və sairləri kimi səmimi dostluq və xeyirxahlığı izhar edən hüsni müamilədə keçirməkdə olan iki həmcivar tayfa öz içlərindəcə peyda olan ləin, bəğiz və xəbis nakəslərin hərəkatı-şeytanətkaranasinə uyub, xah-naxah bir-birinə yağı oldular. Bəs deyil, bir-birini tələf və yox etməyə bel qurşadılar... Top və tüfəng səsi asimanə bülənd oldu, iki dost bir-birinə atırdı, tiğ və xəncər parıltısı göz qamaşdırırdı. İki qonşu bir-birini doğrayırdı. Kəndlərdən, şəhərlərdən od və duman qalxır, hər yeri bir kuhi-atəşfişanə döndərirdi. İki həmcavar tayfa bir-birini atəş içində yandırırdı... Göz yaşı qana qatışdı, qan qurşağa çıxdı... Belə bir misli görünməmiş müdhiş faciə bir ildir ki, davam etməkdədir və bundan sonra da davam etsə, bu iki tayfanın biri bilmərrə fövt olub, yer üzündə bir adı qalacaq desəm xəta etmərəm, zənn edirəm. Lakin bəs bütün bu bir tayfanın bir takım ləin, insansevməz, fasiq və fasidlər ucundan badi-fənaya getməsi rəvamıdır? Bunu vicdanımız qəbul etməz və etməsin gərək və illa məsum və bigünah tökülən qanların günahı, yanmış ciyərlərin ahı bizi nahaq qoymaz. Buna bir əlac lazımdır. Əlac isə bu qital və qırğının müsəbbiblərini tapıb yox etməkdir. Bu müsəbbiblər də müxasimədə bulunan bu iki tayfanın hansı birində olduğu indi, hamıya məlumdur. Və bunu da bilməlidir ki, sadəlövh müsəlmanlar, heç bir vaxtda və heç bir halda qonşuları ermənilərlə dava etmək fikrində deyildilər. Çünki belə bir nagüvarə iş icrasına müsəlmanları vadar edəcək bir məqsəd yoxdur. Və bir də müsəlmanlar – sörün açığı – elə bir mənəvi nəşvü-hüma və tərəqqi dərəcəsinə catmayıblar ki, bir məqsəd və yaxud bir fikir ilə ağılları məşğul ola. Min adam min söz desin – müsəlmanlar bu hadisati-müəssəfənin başlanmasına bais olmadıqlarından əmindirlər və ermənilər əleyhinə qəlblərində bir pis fikir pünhan deyildi. Bununla belə, həməvaxt, sülhə talib idilər, ermənilər dəxi nə mərtəbə sülhə mail olduqlarını bu məclisdə izhar edərlər. İnşaallah hər iki tərəf mətin bir sülh əqdi ilə xüsuməti kamilən rəf etmək üçün bəqədriimkan sərfi-müsai edərlər. * * * Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik Məktəblərimizdə ümumi tədrisəni ana dilində icra etmək üçün bizə müsaidə verildi. Lakin, hal-hazırda mövcud olan məktəblərimizin, yaxud şkolalarımızın nəgunə əsaslara məbni təsis edildiyini təhqiq və tədqiq etsək, bizə verilən müsaidənin öz ana dilimizi layiqincə öyrənmək üçün ən cüzi bir vasitə olduğunu müşahidə edə biləriz. Ana dilimizdən ibarət olan türk lisaninə mükəmməl surətdə vaqif olan zəvat biz Rusiya müsəlmanlarının ana dili sarıdan mən hələ “obed” eləməmişdim, “vizitni kartoçka” gəldi ki, madam Papkova səni “veçer”ə “priqlasit” eləyir. Gəlməsən “abijatsa” olar kimi belə bir əsəfli halımızı görsə, bizə verilən müsaidənin “dilimizi yuyub” təmizləməkdən ötrü bir damcı su mənziləsində olduğunu iqrar edib, buna çaylar, sellər lazımdır deyər. Həqiqətdə də belədir: biz, ibtidaiyyə məktəblərinin birinci şöbəsində öz ana dillərinə bilmərrə dara olmayan müəllimlərdən bir il zərfində dərs almaqla ana dilimizi öyrənib, istemalinə müqtədir olmarıq. Halbuki bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir. Dilimizi öyrənməkdə bizə yardım edəcək neçə-neçə vasitələr vardır. Biri – öz dilimizdə çıxan qəzetələrdir. Lakin qəzetə vasitəsilə dil öyrənmək üçün – Rusiya müsəlmanlarının ana dili cəhətindən dörd qismə bölünmələrinə müvafiq dörd cürə təriq vardır. Ən müşkül təriq ana dilində yazıb oxumaq o yanda dursun, bir kəlməyə belə vaqif olmayan zavallıların boynuna düşür. Bu zavallılar – öz dilini bilməyib, sair dillərdə “fitil-fitil əsən”lərimizdir. Lakin bunlar istəsələr 5-6 ilin ərzində öz lisanlarını təhsil edə bilərlər. Yəni asudə vaxtlarını öz dillərini öyrənməyə sərf etsələr, söz yoxdur ki, müailəri sayəsində dillərini kəsb etməkdə müvəffəq olarlar və kəsb etməyə də qeyrət etməlidir, zira özgə dilinə, xüsusilə Avropa dillərinə vaqif olan zat, öz dilini də mükəmməl surətdə bilsə, hər bir cəhətdən millətə artıq nəf gətirər... İkinci təriq rus və yaxud Avropa dillərini mükəmməl bilib, öz dili vasitəsilə də danışıb, oxuyub-yazmağa kəmübiş iqtidarı olanlarımızdan (ki, çoxumuz bunlardanıq) ötrüdür. Bunlar qəzetələrimizdə rus və ya Avropa dilindən mütərcim, ixbarat, məqalət, teleqrafarat və sairələri oxuduqca tərcümə olunmuş dil ilə tutuşdurub anlamadığı sözləri bir-bir qanar və qanıb bildikcə də öz dilinə mükəmməl surətdə dara olmağa yaxınlaşarlar. Və özləri də ana dilində bir şey yazmaq istədikdə sözdən ötrü əbəs yerə vaxt zaye etməyib, öyrəndikləri kəlmələri ilə dərhal istifadə edə bilərlər. Və bundan əlavə qəzetənin sair məqalələrini də huş-guş ilə oxuyub, yeni öyrəndiyi sözlərə və təbirlərə təsadüf etdikdə məzkur sözlərin nerədə və nə tövr müstəməl olduğunu bilər və xatirində saxlarlar. Üçüncü təriq yalnız öz dilində bir qədər oxuyub və yazmaq bilən adamlardan ötrüdür. Bunlar öz lisanlarını kamilən öyrənmək üçün qəzetələrdən müstəfid olmaq istədikdə qamus və lüğət kitabçalarını tosid etməlidirlər. Qamuslardan da ən mükəmməl osmanlı Şəmsəddin Sami Rəhmətullahın iki illik zəhmətinin məhsulu olan “Qamusi türki”- dir. Bunu da bilməlidir ki, qamussuz-alim də olmuş ola – yazmaq, oxumaq çox çətindir. Qamus hər bir yazıçını fahiş xətalardan çəkindirib, imla və inşasının səhhətini təmin edər. Dördüncü təriq öz dilində yazıb oxumağa qadir olmayanlardan ötrüdür. Bunlar qəzetə oxuyanlara qulaq asıb, bilmədiyini və anlamadığını sorub, gündə bir söz öyrənməklə də yavaş-yavaş kəsbi müvəffəqiyyət edə bilərlər. Və öyrəndikləri sözləri də yaddan çıxartmamaq üçün lazımi yerlərdə işlətsələr, dillərini düzəldərlər və bunun sayəsində öz məram və ehtiyaclarını müsbət surətdə bəyan edərlər. * * * İkinci vasitə deyib, danışmaq və aramızda təati edilən hər bir məktubati türk dilimizdə yazmaqdır. Danışıq əsnasında fikrimizin əcnəbi* kəlmələrdən təmiz olaraq öz türk sözlərimiz vasitəsilə ifadəsinə səy etməliyik və qəzetələr sayəsində öyrəndiyimiz yeni təbirat və islahatı lazım olan yerlərdə işlətməliyik. Məsələn: “zabastovka” yerinə “tətil”, “pajar” əvəzinə “yanğın”, “sosialist, revolyusioner”, “demokrat” və sairələrini deməyib, “ictimaiyyun, inqilabiyyun, amiyyun” və sairələrini istemal etməliyik. Burada onu əxtar etməlidir ki, biz nədənsə tazə libasda bazara çıxmaqdan utanan cavanlar kimi – bu yeni öyrəndiyimiz öz sözlərimizin danışıq əsnasında istemalından utanırıq və utandığımızdan da bildiyimiz yeni sözlərimizi bərqəsd işlətməyib, qarnımızda saxlayırıq. Qarnımız dəxi bir guşeyi-nisyan olduğundan zavallı sözlər orada itir, batır və bilaxərə unudulur... Və habelə alim və ədiblərimiz zəhmət çəkib, diriltdikləri və icad etdikləri təbirat bizim utancaqlarımız ucundan nisyan sandığına atılıb qalır. Bizim hər işimiz tərsdir: utanmamaq lazım gələn yerdə utanırıq, utanmaq lazım olanda utanmırıq və hətta bunu da özümüzə bir fəxr hesab edirik. Xülasə, biz utanmamağa qeyrət edib, dirildilmiş və yaradılmış təbirlərimizi lazımı yerlərdə işlətsək kəsrəti-istemal sayəsində utancaqlıq hissimızi bu yerdə itirib bu “mərəzdən” xilas olmaqla bərabər lisanımızı da genişləndirərik. Dilimizi öyrənmək üçün təklif etdiyim bu iki vasitəni uşaqlarımız deyil, böyüklərimiz – yəni məktəb sinniləri ötmüş adamlarımız, ittixaz etməlidirlər. Bəhsimizə dair üçüncü vasitə, yalnız bir səbilərə aid olduğundan onun bəyan və izahını gələn səfərə təxir edib, burada dil xüsusunda bir neçə söz deməyi lazım bilirəm. Dil, həyati-bəşəriyyətin ən ümdə müəssirlərindən biridir desəm, xəta etmərəm, zənnindəyəm. Bütün ixtiraat və kəşfiyyatın ağıllılarımızı heyran qoyan səmərəsi hüsulinə və bu səmərələrin az bir müddətdə aləm icra yayılmasına insanın öz həməsirlərinin hal və ovzaindən baxəbər olmasına, minlərcə il bundan əqdəm yer üzünü iskan babalarımızın həyat və məişəti sadiqəsindən kəsbi-ittila etməsinə və hətta, ondan sonra yaşayacaq adamlarımızın həyati müstəqbələsinə və vaqe olacaq hadisatın necə bir halda cərəyan edəcəyinə təqribən və təxminən də olmuş olsa vaqif olmasına və həyat və məişəti bəşəriyyənin rifah və səadət üzrə ömr edilməsinə dilin zor bir təsiri olubdur. Xülasə, insanın hər bir ehtiyacatını, ağlına gələn ali əfkarını, qəlbində törəyən hissiyyati-şairanəsini ən müsbət surətdə izhar və bəyan etməyə vasitə dildir. Belə olan halda, dilin geniş, zəngin, bəliq və səlis olması, insanın hər bir cəhətdən təali və tərəqqisinə nə böyük bir xidmət etmiş olar. * * * Biz dilimizi vüsət və zənginləşdirməyə qeyrət etməliyik. Lakin hankı vasitə və nə tövr vəsilələr ilə bu xeyir işə iqdam etməliyik ki, kəsbinə çalışdığımız nəticə muradimizə mütabiq və müvafiq ola? İştə, bu məsələnin həllini hər bir sahibi qələlimiz özünə bir vəzifeyiümdə ədd edib, bu yolda öz təsəvvür və mülahizələrini meydana çıxarmalıdır. Zira, bu məsələyə əhəmiyyət verən oxumuşlarımızın ağıllarını buna dair dürlü-dürlü fikirlər işğal etməkdədir. Əzon cümlə biri də dilimizdən ərəb və fars kəlmələrini ixrac, əvəzində yeni türk sözləri icad və idxal etməkdədir. Lakin bunun imkanı vardırmı? Bəhsimin ikinci qismində təklif etdiyim vasitə mənim belə bir təşəbbüsüm, imkan xaricində olduğunu etirafıma işarədir. Heç bir dil yoxdur ki, onun lüğəti, təbirat və islahati-əcnəbiyyədən ari olmuş ola. Bunun da səbəbi odur ki, hansı bir dil olursa olsun, havi olduğu əcnəbi təbirlərin mənasını müsbət surətdə ifadə edə bilən özünə məxsus bir təbiri yoxdur. Binaənəleyh, üləma və üdəba tayfası bir əcnəbi sözünü öz lisanına idxal etməyə məcbur olduqda, məzkur sözü ya qəbul edər və yaxud onu üçüncü bir dil təbirləri vasitəsilə ifadə edib, hər bir halda öz dilinə əcnəbi kəlməsi idxal edir. İndi biz də istəsək ki “samovar” təbirini rusca deməyib, öz dilimiz vasitəsilə ifadə edək, lazım gəlir ki, bu sözü ya fars və ya ərəb və ya sair dil köməyilə təsmiyə edək. Məsələn, “hudpəs”, “xudcuş” və sair və illa “özüqaynayan” desək, əvamımız anlamaz. Çünki “özü” və “qaynayan” təbirləri əvama məlum olduğundan onun zehnində dürlü-dürlü şeylər zair edib “samovar” ifadə edilmir. Əvamdan sorsan ki, “uzaqyazan” nədir, heç vaxt deməz ki, “teleqraf”dır. O səbəbdəndir belə sözlər camaat arasında qəbulə keçib, əcnəbi sözü öz-özlüyündə qalır. Ruslardan dəxi bir çox şəxslər “qaloş” əvəzində “mokrostup”, “zont” əvəzində “dojdoxranilişşe” təbirləri istemal etmək istədilər. Lakin cəmaət tərəfindən qəbula keçmədi. Bəs bizim Avropa dillərindən bir təbiri öz dilimizə idxal etmək istədikdə və o təbiri öz-özlüyündə qəbul, yaxud ərəb və fars kəlmələrilə ifadə etməyimiz təbiidir. Lakin öz sözümüzlə ifadəsi imkan daxilində olan təbiri ərəb və ya fars kəlamati vasitəsilə istemal etməyimizin heç bir mənası olmasın gərək. Xülasə, biz hər bir halda ərəb və fars sözlərinə möhtacıq, hətta öz türk sözlərimizin böyük bir hissəsini də unutmuşuq və yaxud unutmağa yaxınıq desəm, xəta etmərəm. Binaənəleyh dilimizi öyrənməliyik. Öz mədəniyyət və mərifətimiz üçün öyrənməliyik ki, öz ehtiyacımızın bəyaninə qadir olaq. Öyrənməliyik ki, türk, lakin təzyiq altında məyub və məfluc və məfluk türk dili istemal edən əqvami Türkiyeyimüxtəlifəmiz bir-birinə rast gəldikdə “pantamima” oyunbazlığına məcbur olmadan qurtarıb, yek-digərinin qəm və fərəhinə hissəyab olmalarına qeyrət edək. Öyrənməliyik ki, Avropanın hökmünü bütün sahəti aləmə cari edən ülum və fünunun hər bir qismi meydanında dahilər çıxardıb, istiqbalımızı hər bir cəhətdən təminə çalışaq... Lakin qabaqda zikr etdiyim qəzetə və əsnayi gövtüduyə lüzumsuz yerə əcnəbi kəlmələrinin istemalına etiraz etmək kimi vasitələr dilimizi öyrənmək üçün məktəbin yerini verməz. Məktəb işdə bizim dilimizin sərvətini təfkin edən bir mədəndir. Məktəbimiz olmasa, qəzetə də bizə kafi dərəcə dəstrəs olmayıb, dilimiz unudular məhv olar. Məktəblər təsis və guşad etməyə çalışmalıyıq, lakin məktəblər... ki, köhnə sxolastikaya mənsub üsuli-təlimi və hal-hazirədə mövcud, lakin təsviyəsi qeyri-məlum üsuli-tədris fəsx edib, hər bir elmi öz türk dilimizdə səbilərə tədris etməkdə pedaqogikanın iqtizaat və icbaatına müvafiq olar. Minlərcə təəssüf olunsun ki, Bakı kimi müsəlman şəhərində edadiyyə belə dursun, bir türk ibtidaiyyə məktəbimiz də yoxdur. Halbuki bütün Rusiyanın müsəlmanlar tərəfindən iskan edilən cəhətlərindən Bakı türk darülmüəlliminə qoşun-qoşun müsəlman balaları tökülüb təhsili-elm və kəsbi-maarif etməli idilər. On il, on beş il bundan əqdəm şəhərimizdə bir darülmüəllimin təsis edilmiş olsa idi, indi şəhərimiz nədir, kəndlərimizdə belə, birinin didarına həsrət qaldığımız, neçə-neçə məktəblərimiz var idi. “Russko-tatarskaya şkola”larımızın ədədi Bakıda ona, on birə baliqdir. Lakin hətta məzkur şkolalarda türk dilində tədris və təlim üçün müsaidə verilibdir. Lakin... onlardan “Fatıya tuman olmaz”, bizə türk məktəbi, darülmüəllimin və gimnaziya kimi türk edadiyyə məktəbləri vacibdir. O məktəblər üçün “seminariya”lara verilən hüquq və imtiyazat lazımdır. Və o hüquq və imtiyazat ilə layiq surətdə istifadə etmək gərəkdir ki, sonra neçə on il bundan əqdəm Tiflisdə təsis edilmiş lakin müsəlmanlara bir qəpik də nəf gətirməmiş və bərqəsd “Əli”, “Ömər” məktəbi təsviyə edilmiş məktəblərin indiki halı kimi təkrar qəlbimizi mükəddər və müəlləm etməsin. Ey cəmiyyəti-xeyriyyələrimiz, bizə məktəblər və türk məkatibialiyəsində ikmali-təhsil etmiş müəllimlər və mədrəsələr lazımdır. Nə deyirsiniz? * * * Biz hamımız Qafqazlı balalarıyıq Daha bəsdir, ağlımızı başımıza cəm edək, minlərcə illərdən bəri əşg ilə qan sellərinə qərq olan Vətənimizin belə bir dəhşətamiz mənzərəsini pozub, ittifaq gününün şəşəəsi altında nurlanmağa qeyrət edəlim. Biz hamımız qafqazlı balalarıyız, aramızda ülfət olsun, bir-birimizə üz tutaq, yek-digərimizə rast gəldikdə qəlbimiz məhəbbət, sevgi hissindən nəşət edən fərəh ilə məşhun olsun. Yek-digərimizin qəm və fərəhindən hissiyab olaq. Biz hamımız Qafqaz balalarıyız. Qafqaz haqqında qəlbimizdə bəslədiyimiz məhəbbət təbiidir ki, gərək bizi bir-birimizə mərbut etsin. Qərəz və tərəflikdən müstovlid buğz və ədavət kimi dəni hisslərdən özümüzü təmizləyək. Bəsirət gözü ilə halımıza bir nəzər ataq: hamımız Qafqaz balalarıyıq, zərurət və ehtiyacımız birdir. İstiqbalımızın rəfah və səadətini təmin edəcək qüvvə hamımızın hümmət və qeyrətinə bağlıdır. Yalqız əldən səs çıxmaz. Birimiz müsibət qaranlığına giriftar olduqda, digərimiz onun təxlisinə cani-dildən müsai sərf etməlidir. Birimizə bəxtiyarlıq işığı üz çevirsə, digərimizi də ondan hissəyab etməliyik. Birimizə bədbəxtlik ariz olsa, digərimiz xoşbəxt ola bilməz. Biz bunu özümüzə yəqin etməliyik. Bu nöqteyi-nəzərdən, səadətə nail olmağa çalışanımız digərimizin də səadətinə qeyrət etməlidir. Biz hamımız Qafqaz balalarıyıq. Birimizin düşməni varsa, hamımızın düşmənidir, dəfinə hamımız çalışmalıyıq. Birimizi bir təhlükə təhdid edirsə, hamımızı təhdid edir, nicatımız ittifaqdadır. Din, millət ayrılığı bizim ittifaqımıza sədd olmasın gərək. Biz hamımız Qafqaz balalarıyıq. Həmrəylik, həmfikirlik, həmməsləklik, həmkarlıq bunlar hamısı bizim vəzifeyi-müqəddəsələrimizdən ədd olunsun gərək. Əks surətdə heç bir işimiz düz gətirməz, taleyimiz nifaq və ədavət üçün bizi bir-birimizə uğratmayıbdır. Biz bunu isbat etməliyik. Biz hamımız Qafqaz balalarıyıq, mədəniyyət və mərifətlimiz cəhalətdə qalanımıza, qüvvətlimiz zəifimizə, sərvətlimiz tavanasızlarımıza arxa olmalıdır. Bu əsas üzrə dolanmalıyıq ki, əğyardan yetişən zərbələr də bizim üzərimizdə əsərpəzir olmasın. Biz Qafqaz balalarıyıq. Bundan belə, bizim səyimiz, ciddcəhdimiz yek digərimizə, müavinət və riayət etməyə münhəsir olsun gərək, birimiz digərimizin hansı bir sui-rəftar və münasibətsizliyindən şakirdirsə, bu ikinci əvvəlincinin şikayəti bica olduğunu isbat etməlidir. Aramızda hər bir münaqişə və müxalifatı təsviyə etməliyik. Biz Qafqaz balalarıyıq, bizim ümumi məktəblərimiz, mədrəsələrimiz, qəzetələrimiz olmalıdır. Ümumi ittifaqlar, ictimalar, məclislər qurub ehtiyaclarımızı, hər bir dərdimizi müzakirə edib, əlaclar aramalıyıq. Biz öz ruhani və cismani qüvvələrimizi bir yerə qatıb hanki bir yolda sərf etsək muradımıza nail olarıq. Bundan belə bizim “lozunq” virdi zəbanımız bu olmalıdır ki, birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır. Bundan belə biz, qafqazlılar, bunu özümüzə rəhbər edib, buna müvafiq iş görməliyik. Bunların hamısını əvama təlqin etmək icab edər. Bu da qəzetə vasitəsilə mümkündür. Qəzetələrimizin bundan belə ümdə vəzifəsi əvamımızı xudşünaslıq məqamına gətirməkdir. Qəzetələrimiz naməlum və biməna mübahisələri, nəfəs qaldıran məqalələri, araqızışdıran mükalimələri tərk edib ittifaqa dair səmimiyyət qoxulu məqalələr yazsalar və ittifaq fikrini qüvvədən felə gətirəcək təriq və vasitələri əvama bəyan və izaha başlasalar, az çəkməz ki, öz məqsədi-alilərinə nail olarlar. Ürəfa nə pişrəvlərimiz dəxi ittifaq üsulunu təmin edəcək təşəbbüslərdə bulunmalıdırlar. Bunun da başı ümumi məktəblər açıb, ümumi bir qəzetə nəşr etməkdir. Bəs, himmət edəlim, qeyrət edəlim! Qafqaz balaları! Keçən keçdi. Keçənə güzəşt deyərlər, keçmişi unudaq, gələcəyin dərdinə qalmaq lazımdır. Görürsünüz ehtiyaclarımız, zərurətimiz hamısı birdir. Sənə nə lazım isə, mənə də o lazımdır. Mənə nə lazım isə, sənə də o lazımdır. Ehtiyaclarımız yetişibdir, rəf etmək lazım, rəf edilməsə nəyə məhkum olduğumuzu pişəz vaxt bilmirsiniz, düşünürmüsünüz. Ehtiyacatımızın rəfi də qafqazlılar, özümüzün himmət və qeyrətinə bağlıdır. Biz hamımız Qafqaz balalarıyıq. Birimizin səadət və xoşbəxtliyi hamımızın səadət və xoşbəxtliyinə bağlıdır, xoşbəxtliyimizi, səadətimizi arzu ediriksə, əlimizdən gələni himmət və qeyrəti müzayiqə etməyək! * * * Mərəzlərimizdən biri Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır. Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər. Bu gün cürətli ingilislər, amerikalılar kürreyi ərzin hər bir nöqtəsində hökmü fərmandırlar. Cürətsiz İran isə əğyar təcavüzündən dəxi özünü qorumağa qadir deyildir. Biz, Rusiya müsəlmanları dəxi artıq bir cürət sahibi olduğumuzu meydana çıxara bilmərik, bizcə cürət ölübdür, əhya etmək lazımdır. Ticarətimizin həmcivarlarımıza nisbətən kasadlığı, dürlü-dürlü mənfəətli sənətlərdən məhrum olmağımız, elm və fəndə dala qalmağımız, hamısı bizim cürətsizliyimizdən naşidir. Bizi saxlayan tək bizim bəsalətimizdir ki, o da belə qalsaq, yavaş-yavaş itər və yox olar. Cürətsizlik bizi mədəniyyətdən uzaqlaşdırır. Odur ki, bizlərdən gözəl görkəmli və şayani diqqət əməllər nüdrətən sadiq olur. Biz bir işə iqdam etmədən qabaq öz acizliyimizi iqrar edərək, məzkur işdən heç bir şey çıxmayacağını hökmən özümüzə yəqin edirik və şövqühəvəsdən düşüb, əbəs yerə fürsətimizi əldən buraxırıq. Birimiz bir iş tutmaq istədikdə digərimiz ona mane olub, cürətsizlərə mənsub bir əda ilə sən, yaxud biz bacarası iş deyil – deyə bu işdən sərf-nəzər etməyi dəxi tövsiyə edirik. Biz eşidirik ki, filan müsəlman filan böyük işə iqdam edibdir. Yaxud, filan işdən ötrü Amerika kimi bir yerə getmək istəyib. O saat biz (guya ilhamı-rəbbani ilə) o işlərdən bir şey çıxmayacağını qəti xəbər verib, “çünki” müsəlmanlardan belə-belə işlər baş verməz, bu ittifaqda ermənidən danış, biz müsəlman belə işləri bacarmarıq kimi cəbunlara məxsus bir naümidsizliyə bunu da əlavə edirik. Belə çıxır ki, biz hər bir ittifaqda nikbinlərdən ədd olunduğumuz halda, tək bir bu yerdə bədbinalığı qəbul edirik. Görünür bizim öz qüdrətimizə etiqadımız yoxdur. Varmışsa da itibdir. Budur ki, indi bizim cürətsizliyimiz və acizliyimizə müqərr olmağımız hər bir iş müqabilində əl-ayağımızı bağlayıb, bizi hərəkətsiz buraxır. Cürətsizlikdən başqa bir də, ümumiyyət etibarilə, digər bir fəna sifət dəxi müşahidə olunur. Bu da acizlikdir. Balaca bir müsibət və bədbəxtliyə düçar olanda biz özümüzü, bilmərrə, itiririk. Əslinə baxsan, bu da bizim cürətsizliyimizdən doğan bir sifətdir. Söz yoxdur ki, bir işə iqdam edib, başa aparmağa çalışan adam bu yolda neçə-neçə maneələrə və çətinliklərə düçar olacaqdır. “Zəhmətsiz bal yemək olmaz” – öz türklərimizin zərbi-məsəlidir. Lihaza, biz bu məsəl fəhvası ilə müvafiqət eləməyib, başladığımız işi cüzi bir çətinliyə təsadüf edəndə buraxıb, əl götürürük. Halbuki insan başladığı işi başa aparmaq üçün təsadüf edən maneə və çətinlikləri bir-bir dəf və rəfə çalışmalıdır ki, məqsudinə nail olduqda da kamiyab olsun. Və illa, hər bir çətinlik müqabilində aciz qalıb, məqsədimizdən sərfinəzər etsək, mütləqa başqalara möhtac olacayıq. Möhtaclıq da, məlum olduğu üzrə, insanın tənəzzülünə yardım edən bir bədbəxtlikdir. Hər bir sahibkara lazımdır ki, həmişə tərəqqiyə mayil olsun, ətalət və bətaət ilə iş görsək gündən-günə tənəzzüldə qalacayıq. Əsrimiz isə tərəqqi əsridir. Bizim hər birimiz gərək işini tərəqqiyə mindirməyə çalışsın. Ona görə də heç bir təşəbbüs müqabilində özümüzü aciz bilib, cürətsizlik etməməliyik. İnsan ruzigarın önümüzə yumalatdığı çətinliklərlə mübarizədə olmaq üçün yaranıbdır. Acizlik və cürətsizlik göstərməkdənsə. mübarizə edib, ruzigara basılmamaq əfzəldir. * * * Ordan-burdan 51 Rus qəzetələri bir o qədər Vitte – Durnovo – deyə bağırıb, bu iki dövlətçiləri bir hökmdar yerində qoydular ki, axırda Vitte ilə Durnovo arasında birdən-birə pozğunluq peyda oldu. Vitte rəfiqi (bəlkə də rəqibi) Durnovodan küsübdür. Lakin bu küsməni bir vəchlə örtüb, özünü sındırmamaqdan ötrü (böyük adamlara küsmək yaraşmaz) daha qocalmışam – deyə məmuriyyətini tərk etmək istəyir. Durnovo isə – o da sədr əzəm Vittedən küsübdür. Amma bu, küsməyini gizlətmək deyil, aşkar etmək üçün vəzirlər məclisinə gəlməyib, at minib Peterburqun küçələrində ora-bura çapırmış... Deməli, bu da vəzirlərə məxsus bir zabastovka (tətildir) ki, sairlərə qadağandır. * * * Zabastovka dedim xatirimə bir fəqərə düşdü. Birisi realni məktəbi şagirdlərindən sorurdu: – Heç bu məktəbə getmişdin? – Bir iki dəfə getmişdim! – Bəs sair vaxt nə üçün getmirdin? – Tətil eləmişdim. – Nə üçün? – Mixaylovsk sənaye məktəbinin müdiri pis adamdır. – Sənə nə dəxli var? – Yoldaşlarla həmrəy olmaq lazımdır. * * * Yoldaşlarla həmrəy olmaq lazımdırsa da, ingilis dövləti öz yoldaşı Osmanlı dövləti ilə heç bir halda həmrəy olmaq istəmir. İndi bunlar Əqəbə bəndəri üstündə çəkişirlər. Osmanlı dövləti deyir ki, Əqəbə mənimdir, qoşunumu oradan çıxartmıram, ingilis də buna müxalif, – Əqəbə Misir torpağıdır, – deyə ayağını yerə döyür ki, Osmanlı qoşunu oradan çıxsın. Burası yamandır ki, ingilis Əqəbə Misir torpağıdır dedikdə, o, Osmanlıya deyə bilmir ki, Misir hara, sən hara, çünki Osmanlı xəritələrində Afrikayi-Osmaniyyə adlanan Misir indi olub “Afrikayi-ingilisi”, buna da səbəb mən olmamışam, Osmanlının özü olubdur. Deyirlər ki, Osmanlının inadlığı ingilis tərəfindən İzmir sahilində (morskaya demonstrasiya) bəhriyyə nümayişi icrasına səbəb olacaqdır. Zərər yoxdur. Osmanlının peşəsi üzərinə icra olunan nümayişlərə tamaşa etmək deyilmi? İngilis isə Qoqolun hərifi Nozdrovun şarmankasında mütləqa aramgir olmaq istəməyən zurnaya bənzəyir. * * * Zurna dedim xatirimə “Novoye vremya”nın müdiri və naşiri Suvorin baba düşdü. Suvorin baba da zurnaçıdır. Lakin zurnaçı da var, zurnaçı da var. Aşıq Abbasqulunun zurnası səsləndikdə adamın oynamağı gəlir. Suvorin babanın zurnası çalındıqda Allah göstərməsin bayquş kimi ulayır. Suvorin baba zurnasında əvvəl müsəlmanlar üçün “Uzun dərə”, “Keçi məməsi” kimi havalar çalırdı. İndi isə zurnasını bayquş hülqumuna döndəribdir, uluyur, uluyur. Ulamağına da səbəb müsəlmanların yuxudan oyanmağıdır. Əslinə baxsan, müsəlmanların oyanmağında Suvorin babanın özü müqəssirdir. Çünki kim bilmir ki, yatmış adamın yanında zurna çalınsa oyanar? * * * Deyirlər ki, İran dəxi oyanıb, “ədalətxanə” və “Məclisi məbusan” kimi iranlı qulağı eşitməmiş şeylərdən bəhs edirlər. Əgər İranın oyanmasından nəticə bizim “Dövlət dumamız” kimi bir şey olacaqsa – nə deyim? * * * Dövlət duması. Dövlət dumasına bolluca keşiş seçirlər. Keşişin hörməti Rusiyada artıbdır. Amma Fransada keşişləri ağacla döyürlər. Çünki bura Rusiyadır, ora Fransa. * * * Ordan-burdan 52 – Kim deyir ki, Bakı şəhər idarəsinin pulu yoxdur? – Bakı rus-müsəlman məktəbinin sabiq müəllimi cənab M.A.Axundov deyir, çünki şəhər idarəsi ona pul borcludur, lakin vermək istəmir. – Bəs kim deyir ki, Bakı şəhər idarəsinin pulu çoxdur? – Bakı şəhər idarəsinin sabiq üzvü M.A.Belyavski deyir, çünki srağagün şəhər idarəsi ona təqaüd maaşı (pensiya) təyin edirmiş. Təəccüblü iş! O da “M.A.”, bu da “M.A.”. Ona pul yoxdur, buna var. Görünür ki, “M.A.”-ın xəzinəsi vardır, amma ikinci “M.A.” bankrot olubdur. Elə isə Bakı şəhər upravası zalım deyil, adildir! * * * Cavad uyezd naçalniki ilə Gəncə uyezd naçalniki də adildirlər. Əvvəlinci müsəlmanların tüfənglərini zəbt edib göndərir ki, gedin silahlı İran quldurları ilə əliboş dava edin... Özünüzün də, deyir, quldurfilan ilə işiniz olmasın... İkincisi də: baydaq, musiqi, qoşun və toptüfənglə Qaracaəmirli kəndinin üstə tökülüb iki igidlik edibdir. Əvvəla, zavallı kəndi lap nahaqca yerə topa basıbdır və saniyən kəndin arvaduşağını Kür çayınadək qovubdur! Şücaətə baxırsanmı? Əhsən, “vaşe blaqorodiye”! Səni “Əksayi Şərqə” göndərsəydilər əminəm ki, Port- Artur əldən getməzdi! Port-Artur adı çəkiləndə həmişə öz cibim yadıma düşür. Əvvəl mənim ağlım kəsmirdi ki, cibimlə Port-Artur arasında bir münasibət olsun. Sonra Bakı küçələrində bir qədər seyr edib, gördüm doğrudan da cibim gəldikcə Port-Artura dönür. Buna da səbəb odur ki, Bakı küçələri yapon qoşunu ilə doludur. Hər qədəmdə gərək cibini müdafiə edəsən. (Yaponun acığı tutmasın ki, mən onun qoşununu Bakı dilənçilərinə təşbih edirəm, mən bu sözü buna istinadən deyirəm ki, yapon soldatı ilə Bakı dilənçisi arasında ümumi bir sədd vardır ki, ona alıcılıq deyirlər). Yaxşı olardı ki, “Cəmiyyəti-xeyriyyə”, yaxud, “İttifaq xəbəri” şəhərin küçələrini “məzkur” qoşundan təxliyə (evakuasiya) edib bir xeyir iş görə idi... * * * Ordan-burdan 53 Rus məmləkətində, yaxud Osmanlıdan başqa, qeyri-məmləkətlərdə nəşr olunan qəzetələri adam oxuduqda, qəlbi hüzn, kədər, ələm, yəslə dolub, əhvalı pərişan olur. Qanı xarab olur, canı sıxılır, başı ağrıyır, bir kəlmə, adamın ovqatı təlx olur. Hətta, ürəyi papiros kağızı kimi nazik olan damalardan bəziləri bitab olub, ürəyi getməsin deyə özünü sərin havaya verir. O biri “nervinni” deyilən əsəbi bir mərəzə mübtəla olmaqdan həzər edərək, qəzetə oxumağı tövbə edir və sairə. Amma, Osmanlı qəzetələrində bu nəhusət yoxdur. Odur ki, adam onları oxuduqda ovqatı filanı təlx olmur. Çünki bu qəzetələr vasitəsilə baxıb görür ki, dünya tamam bir sükunət içindədir ki, nə “revolyusiya” var, nə “reaksiya” var, nə “ictimaiyyuni-amiyyun”, nə “inqilabiyyuniamiyyun”, nə “məşrutəyi-amiyyə”, nə “hürriyyəti-milliyə”, nə Rusiya, nə Qafqaz heç zad yoxdur. Aləm digər bir aləmdir. Hər kəs öz işində gücündə... Adam oxuduqca qəlbi “fərəhlənir” bununla da belə “naşükür” yeni türklər Osmanlı senzorlarından şakirdirlər, halbuki onlar, görünür ki, “çox mürüvvətli və insaniyyətpərvər adamlardır”. * * * Fars şairlərindən birisi taleyin müsəlmanlardan üz döndərib, əyyarlara yardımı olduğunu nəzərə alıb, bədbinalərə mənsub acı bir istehza ilə ruzgardan şikayətə başlayır. Deyir, deyir, axırda taleyə belə bir suval verir: ...Bəs ma betəmaşaye-cəha namədeim?.. İndi görünür ki, taleyin binəva şairə yazığı gəlib, dilbərlərə məxsus bir nazü-hərəkət ilə başını döndərib müsəlmanlara da üzünü göstərməkdədir. Buna dəlil odur ki, indiyədək biz sairlərinə tamaşa edirdik, indi isə əqyar bizə tamaşa etməkdədir. Necə tamaşa etməsin? İki müsəlmanın bir-birini öldürdükdə təşkil etdikləri mənzərə şahani tamaşa deyilmi? Yaxud orada-burada müsəlmanlar tərəfindən “mövqeyi-tamaşaya vəz edilən” qoç döyüşməsi, it boğuşdurması, xoruz vuruşdurması kimi sirk oyunları və bunun sonunda “sirkçilərin” özlərinin vuruşması, boğuşması, toqquşması əhəmiyyətsizmidir zənn edirsiniz? İndi şair sual etsə ki: “Bəs ma betəmaşaye-cəhan amədeim” cavabında deyərəm ki, xeyr. “Mərdom betəmaşaye şomeə-amədeənd!” Bəli! * * * Farsca danışdım fars mühafizəkarları xatirimə gəldi. Məzkurlardan birisi mənimlə türk dili xüsusunda söhbət edərək türklərin ərəb dili ilə təbinə müqayir bir tərz ilə istifadə etmələrindən şikayət etdi. Dedi ki: türklərin nə ixtiyarı var ki, “təkəmmül” sözündən “təfaül” babi qayırıb “təkamül” sözü istemal edirlər. Ərəbdə “təkamül” sözü yoxdur! Bu təbiidirmi? Dedim canım, nə təbii bazlıqdır, ərəbin “təkamül” sözünə ehtiyacı yox idi. Onun üçün də “təkamül” sözü istemal etmirdi. İndi bu sözə ehtiyacı vardır, binaənəleyh istemal da lazımdır. Mühafizəkar mənimlə müvafiqət etmədi. “Təbii deyil, təbii deyil!” – deyə inadlıq etdi. Dedim: Təbiiliyə qalsa dəmiryol qatarında 10 günlük yolu 2 gündə qət etmək, telefon vasitəsilə görmədiyin adamla danışmaq, bunlar da təbii deyil, eləmi? Heyif, bir qədər duruxdusa da sonra tez: “əlbəttə, əlbəttə!” dedi. Dedim odur ki, İranda dəmiryol, telefon, filan tapılmaz. Və teleqrafın İranda mövcud olmağına siz mühafizəkarlar nə tövr səbr edirsiniz, onu qanmıram. * * * Ordan-burdan 54 Sülh!.. Bu bir-iki ilin ərzində çox davalar oldu, çox da sülhlər oldu. Rus yapon ilə dalaşdı, axırda sülh oldu, erməni müsəlman ilə savaşdı. Qafqaz hökuməti də gürcülər ilə savaşıbdır. Amma sülh etmək istəmirlər ki, istəmirlər... Hökumət gürcülərin üstünə yaman düşübdür: özlərini döyür, kənd kəsəklərini viran edir, qəzetələrini də çıxdıqca bağlayır, çıxdıqca bağlayır. Neçə gün bundan irəli mən bir “peyğəmbərlik” edib demişdim ki, gürcülər digər bir qəzet çıxarsalar, hökumət onu da bağlayacaqdır. Dediyim doğru oldu. “Sovremennik” qəzetəsindən sonra gürcülər artıq bir fikir etməyib, “Na povorota” adında digər bir qəzetə çıxartdılar. Hökumət isə, o da artıq bir fikir etməyib, sabahı günü qəzetəni bağladı. Bu səfər gürcülər fikrə getdilər, – “yox, dedilər, belə olmaz, gəliniz gedək canişin həzrətlərinə şikayət edək və köhnə senzorun təkrar təyin edilməsini rica edək”. Hm!.. Bu nə oldu? Köhnə hamam, köhnə tas? Nə etməli? “...hər şeyin tazası, dostun köhnəsi”; senzor da məlum olduğu üzrə mətbuatın köhnə “dostudur”. * * * Amma müsəlmanların dürlü-dürlü “dostları” vardır. Ha! Uzaq “dost”, yaxın “dost”, laübali “dost”... kefin istəyən “dost!”. Kutayisin sabiq qubernatoru Straoselski həzrətləri də, görünür ki, müsəlmanların “dostu” imiş! Qafqaza əlvida edib Rusiyaya gedəndən sonra cənab Staroselski “dostluq” vəzifəsini ifa etmə niyyətilə Peterburqda “ictimai və siyasi klub”da müsəlmanları tərif və tovsifə başlayıbdır. Deyibdir ki: “müsəlmanlar ermənilərin düşmənidir, özləri də vəhşidir, qanmazdırlar, hökumət də bunu bilir, onları sairlərin üstünə qısqırır”. Lakin bunun səbəbini cənab Staroselski bəyan etmək istəməyibdir, çünki o surətdə sözlərinin şayani etibar olduğuna xələl yetərdi. Nə lazım?.. Lakin buna “dostluq” deməzlər, əli dinc durmayıb salba (selbə) atmaq deyərlər. Amma, hər “dostumuz” bizə bir salba atsa, bizdə başgöz qalmaz... * * * Salba (selbə) dedim yadıma türk məsəli düşdü ki, “ağac bar gətirəndə başını aşağı tutar”. Lakin biz türk ola-ola bizim “ağaclarımız” bar gətirəndə başlarını övci-səmayə qaldırırlar. “Bar” yemək arzusunda olan əligödəklərimiz də “ağaclarımız”ın dibində ora-bura fırlanıb, “bar” ümidi ilə hərdən bir başlarını yuxarı qalxızırlar; lakin “bar”ın əl çatası olmadığını görüb, ya Krılovun tülküsü kimi “əh yetişməyibdir, kaldır” – deyə naümid gedirlər, yaxud çox vaxt acıqları tutub, ağaca salba, atmağa başlayırlar. Bu da “ağaclarımıza” xoş gəlmir... Məndən isə – başını ovci-səmayə qaldırma, sənə də “salba” dəyməsin. * * * Ordan-burdan 55 Qəzetəni oxuyan müsəlman qəzetədən məlumat qazanır, biliyi artır. Ona görə: “Qəzetə oxumaq müsəlmana haramdır”. Qəzetəni oxuyan müsəlman bütün aləmin əhval və ovzaindən xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisa və vaqiələri bilir. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”. Qəzetə oxuyan müsəlmanın ağlı artır, dargöz olmur, hər bir işə əqli-səlim nöqteyi-nəzərindən baxır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”. Qəzetə oxuyan müsəlman öz dərd və ehtiyacını, qardaşının giriftar olduğu müsibət və bəlanı qəzet sütunlarında yazılmış görür, yaxud millətini təhdid edən müsibətdən xəbərdar olur. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”. Qəzetə oxuyan müsəlman qəzetə sütunlarında dərdinə dərman, ehtiyaclarına əlac, işinə əncam tapır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”. Qəzetə oxuyan müsəlman qəzetədən təsəlliyab olur, qəm və kədəri dağılır, qəmabad könlünü kəskinlik tapır. Ona görə: “Qəzetə oxumaq müsəlmanlara haramdır”. Ona görə müsəlmanlar məlumatsız, biliksiz olsunlar, dünyadan xəbərləri olmasın. Dargöz, ağlı gödək olsunlar, öz dərd və ehtiyacından, qorxulu müsibətindən bixəbər olub, çarəsiz, dərmansız, əncamsız qalsınlar, ürəklərini deşən qəm və ələmdən xilas olub, təsəlliyab olmasınlar. “Bunlar hamısı həlaldır!” * * * Ordan-burdan 56 Strajniklərmi? Quldurlarmı? Həm strajnik, həm də quldur. Yəni, əvvəla strajnik hökumətdən bica yerə məvacib alır və saniyən küçələrdə quldurluq edib xalqın cibini soyur. Lakin strajnik-quldur ilə sadə quldur arasında bir fərq vardır. Sadə quldur gəlib-gedəni bəhanəsiz, filansız soyur. Strajnikquldur isə hər vaxt bir bəhanə tapır. Əsləhə axtarır, tapdığı 3-4 manat alıb, geri verir, tapmadı – yenə 3-4 manat alıb buraxır. Deməli, srajnik – yəni rəsmi quldur! * * * Heyf! Heyf! Rəfiqimiz “Həyat” qəzetəsinin 67-ci nömrəsində cənab Əşrəf “hər sənətdə olmalıyız” ünvanlı “laf, kəzaf”ında deyir ki, “qəflət yuxusundan oyanaq”, “məktəb açaq”, “elm və maarif kəsb edək” sözləri qəzetə sütunlarında o qədər çox təkrar edilir ki, bu sözləri ağzıma almaq istəmirəm... “Məktəb lüzumini”, “elm və maarif faydasını”, “tərəqqi və təkamül qanununu” ağzıma almağa qeyrət edəcəyəm... Heyif, heyif! Təəssüflər olsun! Bu sözlərdən Ə.Əşrəf cənablarının acığı tutur! Heyif, heyif! Bizim birinci böyük yaramız mədəniyyətsizlik idi. İkinci böyük yaramız da erməni-müsəlman davası oldu. Bəs bu yaraları görə-görə göz yumub kor və qulaq örtüb kar olmaq mümkündürmü, əcəba? Cənab Ə.Əşrəf! İltifat edin, sənət-filan hamısı bizim bu yaraların sağalmağına bağlıdır. Və sağalmaq üçün də vasitələr lazımdır. Vasitə tapmaq üçün dəxi deyib danışmaq, arıyıb axtarmaq lazımdır. Və illa, vasitə öz başına yerdən çıxmaz, bu əyyamda sehr-filan yoxdur... Doğrusu, cənab Ə.Əşrəf, bu iki böyük yara bizim hamımızı “nervinni” edibdir. Odur ki, yaralarımıza əl vurulanda açığımız tutur, elə deyilmi? * * * Ordan-burdan 57 Teleqraf xəbər verir ki, Peterburq şəhər hakimi qət edibdir ki, polis məmurlarına, yəni qaradavoylara, sairlərinə zireh geydirsin, zirehpuş etsin ki, güllə və sairə qaradavoyun canına əsər etməsin! Doğrudur, zirehpuş qaradavoyun Rüstəm pəhləvana bir qədər müşabəhəti olar, amma... görünür ki, Peterburq şəhər hakiminin bomba və dinamit zərbi zəngindən xəbərdarlığı yoxdur ki, bunun müqabilində dəmirdən qayrılmış qaradavoyun da canı davam gətirməz. Qaradavoy deyəndə – bizim Bakı qaradavoylarıdır. Şücaət, bəsalət, cəsarət – hamısı bunlarda var. Qaranlıq gecələrdə küçələrə çıxmazlar, aydınlıq və işıq gecələrdə ayaq altında piləsək vururlar. Davaşava ilə işləri yoxdur. Qoy camaat dalaşsın, onlara nə? Amma küçələrdə sərxoş və kefli adamların gəzməyinə razı deyillər. Keflini görən tək haman saat tutub çıxdığı şərabxanaya təkrar salırlar və özləri də bir qədər şərabxanada oturub gözləyirlər ki, bir “pis” iş-filan əmələ gəlməsin. * * * Ordan-burdan 58 Rusiyanın hal-hazırda mövcud övza və əhvali rus “ər”lərinə xoş gəlmir. Bu iğtişaşə bir nəhayət olacaqmı? Haçan Rusiya kəsbi sükunət edəcək? – suallarını virdi-zəban edərək, təngə gəldiklərini izhar edirlər. “Zülm, cəbr, zor lazımdır! Öldürmək, yandırmaq, qırmaq lazımdır!” – deyə bunlar hökumətə “əlac” və “əncam” göstərirdilər. Lakin zülm, cəbr, zor, öldürmək, yandırmaq, qırmaq, dağıtmaq – bunlar Rusiyanın sükunəti üçün bir “əlac” və rahatlıq üçün “əncam” olmadı və olmur. Bəs nə etməli? Daha “əlac” yoxdurmu? “Novoye vremya”çı cənab Menşikov deyir ki, “əlac” var – yaponlar ilə ikinci dəfə müharibə etməlidir və yaponları nə tövr olursa olsun basmalıdır. O halda, Rusiyanın içi düzələr. Bu sözləri eşidib, Rusiyanın sair balaları deyirlər ki, binəva Menşikov sərsəm azarına mübtəla olubdur... Allah şəfa versin. * * * Ordan-burdan 59 Dünənki nömrəmizdə cənab Q.Mahmudbəyov “İrşad”ın 76-cı nömrəsində mündəric “Mərəzlərimizdən biri” ünvanlı məqalənin məzmunu ilə müvafiqət etməyib, deyir ki, mərəzimiz cürətsizlik deyil, məktəbsizlikdir! Cənab Mahmudbəyova cavab: – Əfəndim, məktəb açmaq üçün bir cürət lazımdırmı, yoxsa məktəb bahar gülü kimi özbaşınamı açılar? Bunu da unutmayaq əfəndim, özünü “oda-közə toxuyan” adama cürətli deməzlər, axmaq deyərlər. Bundan əlavə, siz məqalənizdə özünüzü kənara qoyub, “təqdiri-qəza qüvvəti bazu ilə dönməz” misrasının məzmun və məalinə tabe olan əvamı özünüzə qalxan edər kimi meydana çıxırsınız. Halbuki, cürət siz və biz məktəb görmüşlərdə olmalıdır ki, əvamımız da “məktəbli” olub, “hüməmül rical təqləül cibal” kimi ali fikirlərin qüvvədən felə gətirilməsinə naili-murad olsun, əfəndim! * * * Əcəb türkün ürəkdən tikan çıxardan məsələləri var. Məsələn, “Abbasını bəyənməyən beş şahı çıxardar”. Bu zərbi-məsəl bir para başıboş, bişüur, məslək və əqidəsiz firqələrin hər bir kargün zatə qarşı etdiyi istehzaya bir cavabı şafidir. Hər bir millətin içində “abbasını bəyənməyən” fərdlər vardır. Lakin bunlar üç qisimdir: biri abbasını bəyənməyib, beş şahı çıxardanlar, digəri, abbasını (həqiqətdə də qəlp olduğuna görə) bəyənməyib, beş şahı çıxarda bilməyənlər və üçüncüsü, abbasını bəyənməyib, beş şahı çıxartmağa aciz olanlardır. Məlum olduğu üzrə bu üçüncü qisim hər bir millət içində müzürr bir ünsürdür ki, bunun sənəti iş görməyə bel bağlayan adamları həvəsdən salmağa qövl və fel ilə çalışmaqdadır. Əlbəttə, iş görənlərimiz də öz istedad və qüvvətlərinə etiqad olsa belə, “abbasını bəyənməyənlərin” hər bir qövl və felini daşa-qayaya çırparlar. * * * Ordan-burdan 60 Bir “Başıqapazlı”nın söylənməyi “Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik – konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıb məni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik – yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən. Sonra da tutub cibimizi soyur. Şəhər və kənd müəssisə (uçrejdenie)lərinin qapısında biz həmişə boynu buruq və əli qoynunda durub həftələrlə “növbət” gözləyirik. Axırda da “zavtra” ilə bir qapaz alıb, məyus gedirik. Ürəyimizin qəmini dağıdıb əhvalımızın pərişanlığını düzəltmək niyyətilə “bulvar” və “sad” deyilən təfərrückahlara çıxırıq – qaradavoy qapaz vurub, bayıra çıxardır ki, bura sizin yeriniz deyil. Tamaşa üçün teatrlara gedirik – pul ilə də bizə bilet vermirlər. Görünür ki, ora dəxi bizim yerimiz deyil. Küçələrdə gəzmək bizim üçün xatadır. Sübh vaxtı qabağımıza çıxan adam bizi görüb, geri çəkilir ki, tfu “mənhus” adama rast gəldim. İşim düz gətirməyəcək. Axşamçağlarda da bizi qaradavoy və strajniklər soymasa – quldurlar soyur. Dilənçilər də bizi görüb, təkəbbürlük satırlar. İtlər də hər yerdə tək bizə hürür, uşaqlar da bizə sataşır. Guya ki, biz bu dünyaya gəlməkdə bir xəta etmişik”. Bəzi qumarbazlar var ki, oyun əsnasında əvvəl udarlar, sonra da udduqlarını bir-bir uduzmağa başlarlar. İştə Bakı şəhər idarəsi dəxi bu qumarbazlara bənzəyir. Əvvəlcə idarənin mədaxili başa gələn deyildi, amma indi... o, ordan pul istəyir, bu, burdan pul istəyir. Pul da yoxdur. Ayın 20-si də yaxınlaşmaqdadır. Demək olur ki, bütün Rusiya dəxi maliyat cəhətincə bizim Bakı şəhər idarəsinə bənzəyir. Rusiyada da pul yoxdur. Hər nə qızıl var idi, göndərildi “dəryanın o biri tərəfinə”, halbuki, bu tərəfdə pul dərmanı olan dərdlər başa gələn deyil... Qərbi qonşular da pul borc vermək istəmirlər. Şərqi qonşulardan da tək bir İran borc pul verərdi, əgər özünün borcu qədər pulu olsaydı. * * * Ordan-burdan 61 Rus və yapon müharibəsi əsnasında bizim avam-xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdırlar və s. Biz “abrazavannılar” əvamımızın bu sözlərini eşi-dəndə gülürdük, belə şey yoxdur – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazavannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, “bişmiş toyuğun gülməyi tutur”. Bu əhvalatı yalnız danışırlar deyil, məşhur qəzetələrində də yazırlar. Belə ki, ingilis qəzetələrində yazmışdılar ki, Bakı şəhəri, general-qubernatoru ilə bir yerdə dağılıb, viran olubdur. İndi də alman qəzetələrində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzetə və hər qəzetənin 70 min (pah, atanla yeri!) müştərisi varmış!.. İndi biz, bu mədəniyyətli əcnəbiləri də öz avamımız yerində qoyub, güləkmi, yoxsa bu mədəniyyətin daşıb tökülməsindən irəli gələn sərsəm azarı dərddir – deyə qulaq ardına vuraq Osmanlı dövləti Rusiyada vaqe olan iğtişaşın, baxüsus, zabastovkanın hamısını “qulaq ardına” vururdu. Amma, indi zabastovka mərəzi özünə də sirayət etməkdədir. Belə ki, “Tunə” qəzetəsinin sözünə görə, İstambulun tütün (tənbəki) fabriklərində üçüncü dəfədir ki, zabastovka vaqe olmaqdadır. Odur ki, hökumət bərk “əl-ayağa düşübdür”. Məlumdur ki, insanı heyvan dərəcəsinə yetirsən, zabastovka da elər, “boykot” da elər, hələ desən... * * * Ordan-burdan 62 Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub “Dusti-mehriban” cənab Şəfi bəy! Əvvəla, ümdeyi mətləb vücudi-zicudinizin səlamət və afiyyət üzrə bərqərar və payıdar olmağıdır. Və saniyən, əgər iltifat məqaminə gəlib, bu tərəfin əhvalatını xəbər alsanız, əlhəmdəlillah vəlminnə sağ və səlamət olub, “ömri giranbahanizə daim duaçu varıq”. Və salisən, neçə vaxtdan bəridir ki, Siz cənablardan heç bir əhval yox idi. “Bu isə bizi bir qəm və ələm dəryasına qərq etmişdi”. Amma bu günlərdə Sizin başınızın sahibi və naçalnikiniz Pivovarov həzrətlərinə xoş gəlmək üçün təqsirsiz və günahsız müsəlmanlara rəva gördüyünüz zülm və sitəmin “şöhrəti bütün afaqə əyan olunduğundan, biz də ondan xəbərdar olub, “şadiman məsərrətə nail olduq”. Bundan sonra siz bizim “mədari-iftixarımız” oldunuz. Biz acizlər tərəfindən “təşəkkürlər” qəbul etməyinizi artıq, artıq rica edirik. Doğrudur, Siz bu iyirmi beş ilin ərzində kəmali-sədaqət ilə ifasında olduğunuz pristavlıq dövründə hökumətə çox böyük qulluqlar edibsiniz, sizin qamçı (qırmanc)ınız altında ölmüş müsəlmanların, odunuz ilə yanmış evlərin, hökmünüz ilə darmadağın edilmiş mal və mülklərin, “həya”nız ilə bihəya olmuş arvadların, şiri-jiyanlara mənsub nərəniz ilə bağrı yarılmış uşaqların ədədini götürüb, mülahizə etsən görərsən ki, neçə-neçə qəbiristanların təmiri sizin “hünəriniz”ə vabəstə imiş. Amma bu axırki günlərdə ibraz etdiyiniz “hünərin” şədid zülmükarın “şöhrətini” batırıbdır. Sağ olunuz, var olunuz! Sizin bir namaz qılan və oruc tutan pristav olduğunuz bizim hamımıza məlumdur. Buna görə də aşağıdakı nidanı bəndəyi həqiqinizdən qəbul edin: Ey su yerinə müsəlman qanı ilə dəstəmaz alıb, razü niyaz edən abid! Və ey, arvad-uşaq əşkilə qüsl edib ibadətə məşğul olan zahid, behiştin əla dərəcəsində məqamınız var!...Qafqazda tamam 25 il pristavlıqda qalmağınızdan rəncidəxatir olamayınız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağıdın ev-eşiklərini, əlinizdən gələn zülm və sitəmi onların haqqında əsirgəməyin! Belə bir gün olar ki, hökumət Sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiyiniz qan və əşklər Sizin vicdanınızı, insaf və ədalətinizi yuyub aparıbdır. Əvvəlcə yumuşaq yaradılmış ürəyiniz müruri əyyam ilə bərkiyib, daşa dönübdür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane ola bilməz. Çünki başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdan ötrü vicdan, ədalət, insaf və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, səbr və səbat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun. Onları özünüzə, nümunəyi-imtisal tutub, hanki uçastok və uyezdə dəyişilsəniz onlar kimi müsəlmanlara zülm və sitəm etməkdə davam edin. Axırda da onların mənsəbinə çatarsız. Və bir də bağışlayın mənim sizə “yol” göstərməyim əbəsdir. Siz öz “dərsinizi” yaxşı bilirsiniz. Artıq dərdisər vermək lazım deyil. Bu axırki “şöhrətiniz” Qarabağda adınızı baqi qoyacaqdır. Ölülər cəsədlərindən sizə bir yadigar rəkz etmək Qarabağa vacibdir. Sağ olunuz, var olunuz! Sayeyi mərhəmət vayənizi biz həqirlərin üstündən kəsməyin, baqi vəssəlam. * * * Ordan-burdan 63 “Dərə xəlvət tülkü bəy” Cavad uyezdində uryadnik Hacı Əli Şəkər oğlu Muğan və Mil səhralarını xəlvət dərə hesab edir, özü də tülkü bəy olubdur. Bu tülkü, öz ağası olan canavarlar tək binəva müsəlmanların hər bir mal və mülkünü xoruz və toyuq yerində qoyub, çəkib yeməkdədir. Bu tülkünün paqonu, filanı olduğundan paqondan ürkən müsəlmanlar ona kəmaliinqiyal ilə itaət edib, balalarının yem və xörəyini onun doymaq bilməyən qarnına təpirlər və tülkünün qorxusundan bu barədə heç bir kəsə söz demək istəmirlər. Tülkü də “əlindən gələni beş qaba çəkir”... Çəksin... Kişi dövr sürür: Muğan ilə Mil kimi səhraların xanıdır; kimin nə borcuna qalıbdır ki, ona desin ki, nə üçün Qafqazı İrana döndərib ağzı otlu heyvan yerində olan müsəlmanların qanını sümürürsən? * * * Ordan-burdan 64 Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin belə rəftara etinasız və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və qələyanə gətirdi. Arvad, kişi, uşaq, iri dad-haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu. Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər. Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfi bəy ilə bərabər Cavanşir kəndlərində icra etdiyi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf – dedilər. Çox pis iş olubdur, gərək elə olmaya idi! Söylədilər və... Bu faciəni nisyan bucağına atıb, işlərinin dalınca getdilər... Şayiələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir. Nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda, verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə... * * * “Rus” qəzetəsində yazılmışdır ki, Peterburq şəhər hakimi müsəlman axundunu hüzuruna çağırıb deyibdir ki, dövlətin müsəlman tayfasına artıq hüsni-təvəccöhü var (?!) Buna görə də müsəlmanlara vacibdir ki, Allaha şükür eləyib, dinc-dinməz dursunlar: yəni heç bir kağıza qol qoymasınlar və heç bir məclisdə işləri olmasın. Müəmmaya bənzəyən bu sözlərin tərcüməsi zənnimizcə belədir: Rusiyada olan hər bir millət öz hüquq və ixtiyarati-milliyyə, diniyyə, mülkiyyə və sairəsini halhazırda tələb etməkdədir və tələblərinə əncam almaq üçün çarələr aramaqdadırlar. Və çarələri tapmaq üçün iş görməkdədirlər. Buna görə də məclislər də qürurlar, kağızlara da qol qoyurlar və hər bir ləvazimatı yerinə yetirirlər. Amma, siz müsəlmanlar belə işlərə qatışmayın, qoy sair millətlər hüquq və ixtiyarat sahibi olub, səadət və bəxtiyarlığa nail olsunlar, müsəlmanlar isə hər bir insana (insan olduğu üçün) lazım və vacib imtiyazlardan məhrum qalsınlar... İştə, bu hüsni-təvəccehdir! Görəsən axund cənabları şəhər hakiminə cəvabən bir söz deyibmi? Yoxsa mat qalıbdır? * * * Ordan-burdan 65 Mühüm suallar və əhəmli cavablar S u a l: Biz, nə üçün geridə qalmışıq? C a v a b: Çünki bizi irəli aparanlar, cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. “Vısşiy kurs” qurtarmışlarımızdan xəbər al, desin. S u a l: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər? C a v a b: İdareyi-ruhaniyyələrimizin düzəlməsi “Stanislav” və “Anna” nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub, düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm “Molla Nəsrəddin”in əvvəlinci səhifəsi ilə bərabər “Tərcümanı”nın 36-cı nömrəsindən xəbər al, desin. S u a l: Məktəblərimiz nə vaxt islah olunacaqdır? C a v a b: Ana dilimizi bilmərra unudandan sonra, ana dilini unutmaq yolunu da bilmirəm. Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin. S u a l: Bizə nə lazımdır? C a v a b: Dinc, dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma “heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək”. Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayezidovdan xəbər al, desin. S u a l: Biz nə vaxt qəflət yuxusundan oyanacağıq? C a v a b: “Mədəniyyət” sübhü açılıb, “mərifət” günəşi çıxandan sonra. Bunun da nə vaxt olacağını mən bilmirəm. Bizi ruslara yetişdirmək istəyən Şahtaxtinski kimi məzunlardan xəbər al, desin. S u a l: Biz nə etməliyik? C a v a b: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa aparmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq, bunun da səbəbini mən bilmirəm. Bütün adamlarımızdan xəbər al, desin. S u a l: Nə üçün bizim elmimiz yoxdur? C a v a b: Hanı elm? * * * Ordan-burdan 66 Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”. Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s. Çox adam deyir ki, bu bir yaxşı sifətdir, çünki insani ehtiyatla dolanmağa vadar edir. Mənim zənnimcə, bu bir əgyali-xamdır. Qoy, hər kəs sərbəst dolansın, sərbəst dolanan adamın fikir və xəyalı da sərbəst və azad olar. * * * Qəzetələrimiz şikayət edirlər ki, qəzetə oxucularımız azdır. Mən bu şikayəti haqlı hesab edə bilmirəm. Çünki hər kəsi görürəm, qəzetədən bəhs edir. Hər kəslə mübahisə edirəm, qəzetələrdən mənə dəlil və sübutlar gətirir. Bəs qəzetə oxumayan adamın qəzetədən xəbərdarlığı olarmı? Bəlkə qəzetəçilərimiz – qəzetə müştərisi azdır demək istəyirlər? Hə!.. Buna mənim bir sözüm yoxdur. Bu ola bilər. Nəinki ola bilər – həqiqətdə də belədir, iştə, görünür ki, qəzetə müştərisi azdır. Amma qəzet oxumayan əhli savad yoxdur. Bu nə təhər olan işdir? Nə təhər olacaq? Fərz edəlim ki, Abbasqulu bir qəzetənin müştərisidir. O surətdə Abbasqulu sakin olan məhəllədə heç bir kəsin qəzetə almağa ehtiyacı yoxdur. Çünki Abbasqulunun iltifatı sayəsində aldığı qəzetə bir məhəllənin adamlarının hamısına kifayət edər... İştə, belə. * * * Qəzetələrimizin müştəriləri azdırsa da, özləri getdikcə çoxalmaqdadırlar. Əlhal, tək bir Bakı şəhəri 3 qəzetə verməkdədir. Qazan isə 5 qəzetə intişarına müvəffəq olubdur. Sair şəhərlərdə də Bakı ilə Qazandan geri durmaq istəmirlər. Qəzetələrimiz cürbəcürdür. Kişilərimizə məxsus, arvadlarımıza mənsub, uşaqlarımıza mütəəlliq qəzetələrimiz vardır. Lakin... “çoxluq” sözünə dair türkün bir “senzorsuz” məsəli vardır (“senzorsuz” sözünü mən “əz bərayi-xali nəbudəni-mərasilə” dedim; özüm yaxşı bilirəm ki, hökumətə müxalif sözlərdən səvayı ağıza gələn sözü senzor buraxar və buraxır da). Görünür ki, bəzi qəzetələrimiz, bu zərbi-məsəli isbat etmək istəyirlər. Belə ki, o qəzetələrdən yavaş-yavaş “xuliqanlıq” iyi gəlməkdədir... “Nur” ilə “Bəyanül həqq”in acığı tutmasın. * * * Ordan-burdan 67 “Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır. Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!.. Quldurların “tərəqqi”sini puç edib, “tənəzzülünü” istəyirsinizsə, quldurluq mərəzinin dərmanını yaxşı bilən əhaliyə ixtiyar verilməsini tələb edin. Şən, heysiyyət, qazaq, filan heç bir vaxt el divanının yerini verə bilməz. İştə, “gulturnı” olub bunu anlamalıdır! * * * Qəzet xəbərlərinə nəzərən, dünyanın hər yerində müsəlmanlıq çoxalmaqdadır. Yaponiyada, İngiltərədə, Rusiyada, Qafqazda və s. yerlərdə hərdən eşidirsən ki, filankəs, filan ailə, filan kənd islam dinini qəbul edibdir. Bu bizim üçün böyük bir bəşarətdir. Lakin dərd burasıdır ki, “taza” müsəlmanların ədədi çoxalmaqda ikən, “köhnə” müsəlmanlar bir-birinin canına düşüb, ölüb-öldürməklə öz ədədlərini azaltmaqdadırlar. İndi aləmi-islam altı yırtıq bir qaba dönübdür ki, bir başından dolur, o biri başından boşalır. Bir tədbirli adam da yoxdur ki, “qabın” yırtıq yerinə bir “yamaq” salsın. Odur ki, müsəlmanların ədədi də artmır... * * * 1906-cı il sənəsi aprelin 17-ci günündə, axşam saat 18-də, Qafqazda, Bakı şəhərinin Nikolayevski küçəsində qəribə bir hadisə vüqua gəldi. Bakıda okolodoçniklərindən bir nəfəri (ehtimal, pristavlıq mənsəbinə çoxdan bəri göz qıcıdan nəfəri) Kazımovun kitabxanası qabağından keçərkən gözünə bir qırmızı şey dəydi. Bu isə cənab okolodoçniki dərin bir fikrə saldı. Eşitmişdi ki, qırmızı rəng revolyusiya (inqilab) əlamətidir! Ha... görünür ki, Kazımovun kitabxanasında revolyusiya var, – deyə cənab okolodoçnik 5-6 qaradavoy çağırıb, qəflətən kitabxanaya hücum etdi və kitabçıdan “qırmızı revolyusiyanı” tələb elədi. Lakin... məlum oldu ki, qırmızı görünən şey “revolyusiya” deyilmiş, “Molla Nəsrəddin” imiş və qırmızı görünən ancaq onun sir-sifəti imiş. Məəhaza okolodoçnik cənabları qırmızı “Molla Nəsrəddin”dən ürküb binəvanı kanfiskavat edibdir... İndi zavallı “Molla Nəsrəddin” dustaqdır... Həbsxanada oturub, öz-özünə fikir edir, əcəba ərbabi-hökumət bu qırmızı şeylərdən əcəb yaman ürkürmüş?! * * * Ordan-burdan 68 Şəhərimizdə rus dilində yeni qəzetə çıxıbdır. Adı “Əmək” (Trud)- dir. Qəzetin baş mühərriri “Kaspi” oxucularının qədim dostu Bandarenkə (özü də “Don-Diyeqo”) cənablarıdır. Allah cənab “Don- Diyeqo”nun əməyini zay etməsin. “Əmək” qəzetəsi bu halda öz rəfiqi “Kaspi” ilə şiddətli mübahisədə, daha doğrusu, mücadilədə bulunur “Əmək”in sözləri acıdır, lakin çox doğrudur. Doğru olduğuna görə də lap acıdır. Amma bitərəf adam üçün, ələlxüsus bu seçki zamanında çox bəsirətamizdir. Hər bir halda “Əmək” qəzetəsi mərdanə olduğundan hər adamın xoşuna gəlir. Amma bircə iş var. “Əmək” qəzetəsinə “Dilxun” adlı bir müxbir dadanıbdır. Yaxşı olardı ki, cənab “Don-Diyeqo” bu müxbirin yazdıqlarına dürüst diqqət yetirə idi. Bu müxbir keçmişlərdə “Novoye obozreniye” qəzetində öz şəklini çəkmişdi. Yaxşı adama oxşamırdı. Bir kəlmə doğru söz dedikdən sonra, guya peşiman olub, daldan on kəlmə yalan buraxırdı. Bu onun adəti idi. İndi də demək olmaz ki, “Dilxun” cənabları adətini tərk etmiş ola və tərk edə də bilməz, çünki Dilxunun, yəni ürəyi qan olmuş adamın dilinə doğru söz gərək gəlməsin. Buna görə Dilxun kimiləri ilə “Əmək” sahibi ehtiyatlı olmalıdır. Və illa əməyi zay olar. * * * Vittenin də əməyi zay oldu. Durnovanın da əməyi zay oldu. O da istefa verdi, bu da istefa verdi... Qraf Vitte “Portsmut bahadırı” ləqəbini alıb, həm hürriyyətpərvər və həm də mazipərəst firqələr tərəfindən yaxşıca bir şöhrət qazanmışdı. Lakin vəzirlik mənsəbi binəvanın işini xarab elədi. Bu da məlumdur. Vitte bir-birinə zidd olan bu firqələrin ikisinə də riayət edə bilməzdi. Labüd bu firqələrin birinə dalını çevirməli idi. Özü də pişir-pişir edib, gördü ki, hürriyyətpərvər firqə mazipərəstlərdən güclü görünür. O idi ki, əvvəlinci firqəyə yavaş-yavaş üzünü çevirməyə başladı. Bu firqə isə fürsəti qənimət bilib, hürriyyət tələb edərək ayaq yerə dirədi. Lakin sonradan iş ayrı cürə oldu. Hökumət hürriyyətpərvərlər hücumunu özündən dəf edib, ikinci hücuma fürsət vermədi. Durnovo zühur etdi... Vitte də daha nə qayırsın? İşin bu surətini görüb üzübaxan yerə dalını çevirməyə məcbur oldu və Durnovo ilə rəfiqləşib, Rusiyada “Vitte-Durnovo” hökumətini təsis etdilər. Lakin... hürriyyət balını bir qədər dadmış cəmaətin ağzı Vitte- Durnovo hökumətinin hər bir acı səmərəsindən təlx olduqca, hürriyyət balı ilə şirinləmək ehtiyacı artdı. Hürriyyətpərvərlərin batmış kimi görünən səsi yavaş-yavaş yuxarı mərtəbələrə qalxıb, təkrar bütün Rusiyanı tutdu... Vitte-Durnovo əndişəyə düşdülər. Sizə Dövlət duması verəcəyik, – deyə bununla camaatın ağzını yummaq istədilər. Bu ümidlə ki, Dövlət duması olsa da, iştirak edənlər yalnız bir təəssübkeş mujiklər olacaqdır. Amma yanıldılar, xəta etdilər. Hürriyyətpərvərlər Dövlət dumasını özləri ilə doldurmağa səy edib, təəssübkeş mujikləri altda qoydular. İşin bu surəti Vitte-Durnovonın lap əl-ayağını yerdən üzdü. – Nə etməliyik? – dedilər. – Abrımız əldə ikən, vəzirlikdən dəstbərdar olmağımız yaxşı deyilmi? – deyib istefa verdilər. İştə, bir sual: Vitte-Durnovonın istefası kimi sevindirdi, kimi qəmgin etdi? Bu sualın cavabı yeni vəzirlərin əməl və rəftarına bağlıdır. İnşaallah onu da yaxın bir zamanda eşidib bilərik. İndi, hələ eşidib, bildiyimizi söyləyək. * * * Eşidib, bildiyimiz odur ki, Qazax uyezdində “Quş kimi uçan qoşun dəstəsi”nin böyüyü Levitski gözəl bir qayda qoyubdur. Yol ilə ötüb, keçən adamlara hanki bir cəmiyyətin əhalisi əl ilə, ya dil ilə toxunub sataşsa, o cəmiyyətdən 3 min manat cərimə alınacaqdır. Yalan danışmaqda müttəhim olan adamlardan 3 min manat cərimə alınacaqdır. Və bu günə yığılan pullar nəyə sərf olunacaqdır? Bilirsinizmi, bu pullara uyezddə şkolalar açılacaqdır. Görürsünüz işkol açmaq üçün pulu necə tapırlar? Qafqazda ən əvvəldən belə bir “gözəl” və “düz” qayda qoyulsa idi, indi hər evdə bir şkola var idi və heç bir kəs də Qafqaz əhalilərinə vəhşi deməzdi. İndi, ey Qazax əhli! Əgər uyezdinizdə şkolalar açılmasını arzu edirsinizsə, yol ilə gəlib-gedənə dil ilə və əl ilə sataşın və ağzınıza gələn yalan sözləri əsirgəməyin. Yox, şkolasız qalıb vəhşi və “nekulturnıy” olmaq istəyirsinizsə heç bir kəs ilə işiniz olmasın. Fas farağat oturun. Hansı yaxşıdır? * * * Dövlət Dumasının qurulması Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik. Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı? Çünki bu cürə siyasi deyilən şeyləri dil ilə danışıb və yazı ilə yazmaq olmazdı. Zira danışıq və yazı azadlığı yox idi. Heç kəsin ixtiyarı yoxdu ki, durub öz halından dil ilə yaxud yazı ilə şikayət edə idi. Bir kəs bunu etsə idi, ona tənbih olardı. Bəs nə üçün camaat bir yerə yığılıb şikayət üçün padşah yanına getməyirdi? Çünki əvvəla, belə-belə siyasi işlərdən ötrü bir yerə yığılmaq olmazdı, zira yığılmaq və ya bir yerə cəm olub, dərdləşmək azadlığı yox idi. Hər kəs bu işi görmək istəsə idi, ona inqilabçı deyib tənbih edərdilər və saniyən, padşah ilə camaat arasında duran və camaatın padşaha yolunu kəsən vəzirlər qoymazdılar ki, camaat padşaha ərz-hal etsin. Çünki camaatın pis dolanmağına özlərinin səbəb olduğunu anlayıb bilirdilər ki, camaatın ehtiyacatına əncam verilsə, onlar əvvəlki ixtiyaratdan düşərlər və bu da onlara zərər və ziyan yetirər. Ona görə öz mənfəətlərini nəzərə tutub millətin haqq şikayətinə mane olurdular. Və, habelə, camaat ilə padişah arası bağlı kimi idi. Məlum ki, əgər millət üçün qanunlar verməkdə camaat özü də iş görsə idi, vəzirlər milləti sıxa bilməzdi... Bu tərəfdən dəxi millətin ehtiyacatı günü-gündən artırdı, kəndçilərin özlərini dolandırmağa və hökumətə xərc verməyə kafi qədər yeri yox idi və halonki belə bir böyük Rusiyada nə qədər boş yer var idi; və bu yerləri yerə möhtac olan kəndçilərə verməyib, bəzisinə xəzinə yeri, bəzisinə udel yeri, bəzisinə kadet yeri və bəzisinə mülkədar yeri deyib nəfini özləri götürürdülər və bununla da belə yazıq kəndçidən xərc alırdılar. Fəhlələrin dəxi işləri çox pis idi. Yazıq fəhlə gündə on dörd saat işləyib, cüzi muzd alırdı və bununla belə bilmirdi ki, dincəlmək nədir, bayram nədir, tərəqqi nədir, əhli-əyal nədir, ev nədir, eşik nədir? Ancaq onu bilirdi ki, işləmək lazımdır ki, özü, əhliəyalı acından ölməsin; il uzunu gecə-gündüz on dörd saat işləyən adamın daha nə vaxtı qalır ki, durub evdə xalq kimi əhli-əyalı ilə danışıb gülsün, bir az istirahət eləsin, övladının təlim və tərbiyəsinə baş qoşsun, özü də bir xalq üzü görüb onlar cümləsindən olduğunu anlasın, allahına ibadət etsin və sairə; kəsbkar və sənətçi alış-verişçilərin də halı yaman idi, bu (pryamoy və kosveni naloq) deyilən vergi və xərclər binəvaların evini yıxırdı. Kasadlıq filan nəzərə alınmırdı. Ticarət və sənət tərəqqi əvəzinə tənəzzülə düşürdü. Ancaq hiyləgərlər və taməllükçülər pul qazanıb, onlar da bir yandan xalqı dartıb sökürdü; mədəniyyət və maarif, yəni elm, fənn camaat arasında yayılmayırdı. Çünki elm öyrənmək hamıya vacib deyildi və pulsuz da məktəb açmaq istəməyirdilər. Açılmış məktəblərin də dərs vermək və dərs oxumaq işlərini elə ağır şərtlərlə bürümüşdülər ki, nə oxudan bir şey oxudurdu və nə də oxuyan bir şey qazanırdı. Elm və tərbiyədən artıq oxudanın oxuyan üstündə ağa olduğunu öyrədirdilər, yəni belə bir tərbiyə verirdilər ki, şagird uşaqlığından başının üstə bir ağa olduğunu görüb böyüyəndə də vəzirlər kimi ağaların əmrlərinə sözsüz, hərəkətsiz əməl etməyə öyrəşsinlər. Bundan səvai, Rusiya məmləkətində hamı bərabər deyildi, hamıya bir gözlə baxmayırdılar. Birinə hörmət edirdilər, o birisinə məhəl qoymurdular. Biri olurdu qul, o biri onun başının sahibi. Birinə çoxlu ixtiyar verirdilər, o birini o ixtiyardan məhrum qoyurdular və bir də Rusiyada bir çox müxtəlif millətlər olduğundan, hər milləti bir nəzərdə görməyirdilər. Bu xüsusda rus olmayan sair millətlərə çox pis baxırdılar. Belə ki, bu sair millətləri yuxarıda zikr olunan ümumi ixtiyarlardan məhrum etdikləri bəs deyil, xüsusi, yəni hər millətin özünə məxsus ixtiyarları da əllərindən alırdılar və bundan səvai, ruslara verilən ixtiyarları bunlara verməyirdilər; bu xüsusda hər bir ixtiyaratdan məhrum və məyus olan biz müsəlmanların halı hamıdan yaman idi ki, bizi ruslaşdırmaq və nəsrani etmək işi dəxi var idi. Rusiyada neçə yüz min müsəlman zorən xristian olubdur. Bizim, hamı millətlərdən dala qalmağımıza ümdə səbəb bu yaman halımız olubdur... Qərəz, Rusiya təbəəsində bu ağır hal günü-gündən şiddətlənib, camaatda istitaət və tabu-tavana qalmamağa başladı. O tərəfdən bu tərəfdən “belə dolanmaq olmaz” kimi gileylər eşidilirdi; bu gileylər yavaş-yavaş artıb hər bir tərəfə yayılmağa üz qoydu. Yapon davasından sonra daha camaat səbr etməyib şikayətə, yəni iğtişaşa başladı. Çünki yapon davasında rus dövlətinin basılmağı camaatı qandırdı ki, belə hökumət ilə nə camaat saxlamaq olar nə də düşmən qabağına çıxmaq olar. Ona görə bu cür hökumətə bir nəhayət çəkmək vacibdir. Camaatın bu arzusu elə şiddətli idi ki, bunu hüsulə gətirmək üçün candan və maldan keçməyi lazım bildilər və habelə iğtişaş başlandı. Əvvəl, hökumət iğtişaşı yatırtmaq üçün elə bir çox şiddətli tədbirlər görməyi lazım bilmədi, çünki yapon kimi balaca (lakin azad!) dövlətə basılmağı onu yapon davasını əvvəldən heç arzu etməyən millət qabağında şərməndə etmişdi və bundan savayı əcnəbilərin, yəni sair dövlətlərin də, Rusiyanın bu daxili iğtişaşına diqqət yetirib camaatı doğru hesab etməyi hökuməti məcbur etdi ki, millətin bu şikayətinə bietina baxmasın və bir də iğtişaş getdikcə şiddətlənirdi. Ona görə əncam çəkmək lazım idi. O idi ki, hökumət öz tərz idarəsini, yəni dolanacaq üsulunu dəyişməyə məcbur olub, camaatın dövlət işlərinə qatışıb, padşah ilə bir yerdə iş görməsinə razı oldu. Camaatın padşah ilə iş görməsi nəyə lazım idi? Padşahın yanında olan vəzirlər camaatın ehtiyacatını dürüst bilməyirlər və bilirdilərsə də özlərinə zərər olduğundan bildiklərini edirlər. Camaat özü isə öz ehtiyacatını yaxşı bilir. Binəvalar bunu da anlayır ki, filan qanun camaata nəfdir və filan qanun zərərdir. Bəs zərərli qanunu yox edib, yerinə nəfli qanun tərtib etmək üçün camaatın özü iş görməlidir və bundan sonra camaat bütün vəzirlərin də işlərinə baxmalıdır ki, camaata zülm və sitəm olub-olmadığını bilib lazımi tədbirlər görsün. Və habelə, qanun verən camaat ilə padişah olur. Vəzirlər ancaq camaat ilə padşah verən qanunları icra edirlər və ona dəxi camaat göz yetirir ki, qoyduğu nəfli qanun düzcə icra edilsin. Lakin bu qədər camaat gedib padşah ilə bir yerdə iş görə bilərmi? Məlum ki, görə bilməz, bəs nə etməli? Camaatın içində layiqli, yəni camaatın hər bir dərd və ehtiyacatını dürüst anlayan və bununla bərabər camaatın getdikcə hər bir barədə tərəqqi edəcək yolunu bilən adamlar vardır. Camaat öz əvəzinə bu adamları seçib göndərir; bunlar padşah yanında bir məclis qurub, özləri qanun tərtib edirlər və bu qanunları padşaha təqdim edirlər ki, təsdiq etsin. Və o qanunlar üzrə də camaatın işi yeriyib camaatı müşkül ağır şərtlərdən azad edib həm camaata və həm də dövlətə mənfəət verir. Haman bu məclis, yəni seçilmişlər məclisi Avropa dövlətlərinin hamısında var; odur ki, o dövlətlər bizim dövlətdən elmli, sərvətli, qüvvətli olubdur; Yaponiyada, İngilisdə, Almaniyada və sairlərində belə məclis çoxdan bəri qurulub, dövləti getdikcə tərəqqiyə mindirir. Amma İran, Çin və Osmanlıda olmadığından, bu dövlətlər onun-bunun yemi və xörəyi olubdur. Əhalisi də necə ki, görürük, zillətdədir. Bu seçilmişlər məclisinə hər yerdə bir ad qoyurlar. Bunun ümumi adı parlamentdir. Rusiya hökuməti bu məclisə Qosudartsvennaya duma adı qoydu. Biz də öz türk dilimizdə – Dövlət duması, yaxud məclisi-məbusan deyirik. * * * Qəzetəmizin dünənki nömrəsində Dövlət dumasının, yəni millət seçilmişlərinin, millətin nəfi üçün padşahla bir yerdə işləməsinin nə qədər vacib və lazım olduğunu bəyan etdik. Onu da yazdıq ki, Rusiyada iğtişaş başlandıqdan sonra hökumət, millətə zərər və ziyan yetirən əvvəlki dolanacağını dəyişdirməyi, yəni millət seçilmişlərini çağırıb bir yerdə işləməyə razı oldu. Və bununla, hökumət özgə bir tərzə düşməyə qədəm görmüş kimi oldu. Əvvəlki, dolanacağını dəyişmək lazım gəldi. Belə ki, hökumətin millətdən ötrü zərərli olan əvvəlki dolanacağına – hökuməti müstəqillə nə müstəbiddə deyirdilər, yəni belə hökumət ki, dövlət işlərində millətin əl və ayağını bağlayıb və ağzını yumub ancaq əmr edir ki, kefi istəyib verdiyi qanunlara millət əməl eləsin. Bunun binəva millətə nə qədər ağır olduğunu yuxarılarda bəyan etmişdik və camaatımızın özü də öz təcrübəsi ilə bunu anlayıb, yaxşıca bilib və bir də hökuməti – müstəqilə və müstəbidəsi olan İran, Osmanlı millətlərinin də bizdən iki qat ağır olan dolanacağı hamımıza məlumdur. O biri tövr hökumətə ki, Rusiya elə olmaq istəyir – hökumətiməşrutə deyilir, yəni belə hökumət ki, millət padşah ilə bir yerdə özözünü dolandırır və hər bir sıxıntıdan azad olur. Qaradovoydan tutmuş vəzirlərədək heç birinin ixtiyarı olmur ki, millətə zülm və sitəm etsin. Bunlar hamısı millət qabağında öz əməllərindən cavabdəhəndə (məsul) olurlar. Və adilanə qurulmuş məhkəmə, yəni suddan suvayı, heç bir çinovnik milləti tənbeh edə bilmir (Vəhalonki, indi bir yasavul bütün kənd əhlini nahaq yerə döyüb, söyür və heç bir kəs də buna bir söz demir). Qərəz bütün dövlət, camaat diriliyinin yaraları olan çinovniklər pəncəsindən qurtarıb, millət özü hökm sürən olur və buna görə nahaq yerə döymək, rüşvət almaq, kef havası ilə iş görmək filan-heç biri mümkün olmur. Əlqissə, Rusiya hökuməti hökuməti-məşrutə olmağa meyl elədi, yəni Dövlət duması, yaxud millət məclisi qurmağa razı oldu. Lakin hökumət bu xeyir işi məcburən əmələ gətirirdi. Ona görə özünü yenə də ixtiyarın saxlamaq üçün millət məclisinin qurulmağını ağır şərtlərlə bürüyüb məclisin gücünü azaltmaq istədi. Ona görə əvvəla, millətin hər bir adamına istər xan olsun, gəda olsun, dövlətli olsun, kasıb olsun vəkil seçmək ixtiyarı vermədi. Yəni vəkil seçən millətin sayını azaltdı. Belə ki, padşahlığa xərc və naloq verməyənləri seçkidən kənar elədi. Və saniyən yerdə qalan adamlara da vasitəsiz zadsız vəkil seçmək ixtiyarı vermədi. Dedi ki, öz içinizdən adam seçin. O adamlar da öz içlərindən vəkil seçib, göndərsinlər ki, dövlət duması qurulsun. Daha belə vəkil seçmək işini dörd qat balacalandırdı. Odur ki, deyirlər – ümumi külli seçki haqqı (vseobşoye izbiratelnoye pravo) əvəzinə dörd mərtəbəli (çatıryexstepennoye) seçki haqqı verdi. Əlbəttə, bu cürə rəftar, yəni bu cürə vəkil seçkisi camaata xoş gəlməzdi. Odur ki, camaat Dövlət dumasına bir o qədər seçilmirdi. Və bir də hökumət hökuməti-məşrutə olduğunu elan etməmişdi. İğtişaş davam edirdi və artmağa başlayırdı. Artdı, hər yerə yayıldı, quru qoşununun, dərya qoşununun içində peyda oldu. Və dönüb inqilab (revolyusiya) olmağa yaxın oldu. Hökumət gördü ki, camaat dediyindən dönmək istəmir. (Çünki camaat cana doymuşdu). Naçar hökumət məşrutənin gerisi olan azadlığı elan etdi, yəni millətin hər bir ehtiyacatını qəzetələrdə yazmağa razı olmayan senzorları kənar elədi. Yığılıb öz ehtiyacatını danışmağı qadağan edən qanunları götürdü, ruslaşdırmaq və nəsrani etmək və bir dindən o biri dinə keçməyi qoymamaq əmrini pozdu və hər bir şəxsi, hər bir zülm və cövrdən azad etdi. Bu bəşarəti bütün əhaliyə bildirmək üçün padşah bir manifest verdi və bu azadlıq manifesti ilə belə, keçən 1905-ci sənə oktyabr ayının 17-də verildiyi üçün 17 oktyabr manifesti deyildi. Oktyabrın 17-də vaqe olan bu böyük bayram bizim hamımızın yadındadır. Ah, nə böyük şadlıq ilə biz bu günü istiqbal etdik! Bu gün bütün millət şad və məsrur və bəxtiyar görünürdü. Hamı can çürüdən zindandan xilas olmuş adama bənzəyirdi. Azadlıq, hürriyyət tək bir bu söz bizə tazə ruh verib, qəlbimizdə olan kin-kədurəti, keçmiş zülm və sitəmləri unutmağa məcbur edirdi Çox adam şadlığından ağlayırdı!.. Belə bir qoca, qəvi, lakin istibdad zindanında çürüməyə tullanmış millətin o zindani-cəfadan qurtarıban, azadlıq çölündə sərbəst dolanmağa qədəm qoymasını görüb də, hansı hürriyyətpərvər adam sürurdan ağlamazdı?!. Və hansı istibdad qulu (iranlılar və osmanlılar) rus millətini azadlığa buraxılmış görüb, öz baxtına acı bir istehza ilə gülməzdi?!. Lakin minlərcə təəssüflər olsun ki, belə bir şadlıq ilə istiqbal olunan azadlıq çox bir müddət çəkmədi. Millət aldandığını gördü... Rusiyanın üzünü gizlənmiş və fürsət axtaran istibdadın qara buludları bürüdü. İstibdadın, amansız istibdadın göyü guruldayıb, zülm və sitəm sədayidəhşətəngizilə məmləkətin hər tərəfinə səs saldı və yağdı, lakin nə yağdı? Qan yağdı, göz yaşı yağdı; azadlıq əsəri yuyulub getdi. Və biriki ay ondan əvvəl azadlıq çölünə buraxılmış kimi görünən bəxtiyar camaat təkrar istibdad zindanının dibində çapalayan göründü. * * * Keçən nömrədə bəyan etdik ki, oktyabrın 17-sində padşah tərəfindən verilmiş azadlıq onun dalınca hökumət tərəfindən icra olunan şiddətli və zülmlü tədbirlər arasında itib batdı. Belə çıxdı ki, padşah millətinə vermiş azadlığı milləti padşahdan ayıran hökumət, yeni vəzirvüzəra tutub geri aldı. Aya, hökumətin belə bir şiddətli iş görə bildiyinə səbəb nə oldu? Millətin qoşun qismi ilə bərabər digər bir qismi ki, o qismə daxil olan adamların adına “xuliqan” deyirlər, bunlar hökumətə tərəfdar çıxıb onun əlində kor alət və karastı oldular; hökumət isə bunların kömək və vasitəsilə binəva millət haqqında hər bir zülm və sitəmi rəva görməkdən çəkinmədi; guya, iğtişaş əvəzində millətdən intiqam və qisas alırdı. İndi bir özgə məsələ: bəs, qoşunun hökumətə tərəfdarlığına və millətin içində xuliqanlar peyda olmasına səbəb nə idi? Ona da səbəb o idi ki, millət içində böyük və qüvvətli ittifaq və ittihad yox idi. Əlbəttə, ittifaq və ittihadsız görülən iş də, ələlxüsus azadlıq almaq, yəni köhnə hökuməti puç edib tazə hökumət düzəltmək kimi böyük bir iş ittifaq və ittihadsız başa gəlməzdi. Gəlsə idi də davamlı və baqi qala bilməzdi. Vaqiən, əgər millət arasında böyük ittifaq və ittihad olsa idi, qoşun heç bir vaxt millətdən üz döndərə bilməzdi və xuliqan da olmazdı, ya az və cüzi olardı. Ona söz yoxdur ki, qoşunun, ələlxüsus su qoşununun içində millətin həqiqi və qanacaqlı övladı çox idi. Bunu deməsək Sevastopol, Mancuriya və Peterburqun səngəri olan Kronştat hadisələrini danmış olarıq. Hətta bütün rus ləşkəri hökumətə tələblər göstərib, əncam istəyirdi desək heç xəta etmərik; lakin bu tələblər cüzi olduğuna görə, hökumətdən ötrü ağır deyildi. Ona görə hökumət qoşun qisminin tələblərinə tez bir zamanda əncam verdi və ondan sonra qoşunun hökumətə deyəcək bir sözü olmayıb, qulluğuna əməl etməyə məcbur oldu. Ələlxüsus qoşunun qazaq qismi millətə düşmən və hökumətə dost olduğunu bildirib, əvvəlincinin zərərinə və ikincinin xeyrinə iş görürdü və indi də görməkdədir. Xuliqanlar isə özgənin müsibətindən nəfbərdar olmaq arzusunda olan adamlardan olub, guya padşahpərəstlik niyyətilə hökumətə kömək göstərmək üçün şeytançılıq, ara vurmaq, fitnə salmaq ilə milləti hərdəm hökumətin zülmünə giriftar edirdilər. Belə alçaq adamlara “provokator”, yəni ara vuruşduran, yaxud müfəttin (fitnə salan) dəxi deyilir. Bunların içində, heyvandan yalqız bir dil ilə seçilən adamlardan tutmuş, universetlər və sair ali məktəblərdə oxuyub dərs qurtarmış adamlar dəxi vardır. Təəccüb burasıdır ki, bu xuliqanlar özlərinə “vətənpərəst” və “təəssübkeş” deyirlər. Halbuki vaqedə vətənin böyük düşməni bunlardır və bir də təəccüb burasıdır ki, bunlar haman azadlıq elan edilən günün səhərisi zühur edib hökumətin birinci dəfə üstün (üsgün) olmağına səbəb və kömək bunlar oldular, guya bu “vətənpərəst”ləri kim isə, qəsdən əvvəlcə hazırlayıbmış ki, lazım yerdə istemal etsin. Demək lazımdır ki, əgər millət içində ittifaq və ittihad bərk olsaydı, nə qoşun üz döndərərdi, nə də xuliqanlar zühur edərdi. Bütün millət də aldığı azadlıq sayəsində dolanıb indiyə qədər vətən xeyrinə neçə-neçə səmərəli işlərə şüru etmişdi. Lakin bu xüsusda milləti də çox qınamaq olmaz, çünki allah tərəfindən hər kəsin qəlbinə qoyulmuş bu azadlıq arzusu, əsrlərcə davam edən azadlıqsız əzabı millətin bir çox adamlarının qəlbində o qədər böyümüşdü ki, onlar heç güman etməyirdi ki, bu arzunu hüsulə gətirməmiş bir kəs rahət ola... Və bir də hökumətə bunun dəxi artıq nəfi oldu ki, birinci cəbr və zordan sonra belə bir qiyama davam etməyə öyrənişməmiş millətin bir çox hissəsi ürəksizlik edib, həmən dəm sakit oldu, yerdə qalan igidlər isə hökumət ilə müharibələr edib, azadlıq yolunda fəda olurdular. Hökumət dəxi çox qazanmayırdı, onun da kişiləri bu yolda “qurban” olurdu... Qərəz, cəbr, zor, zülm, sitəm getdikcə artırdı, senzurasız çıxmasına izn verilmiş qəzetələr bir-birinin dalınca bağlanırdı; azada qurulmasına rüsxət verilmiş, mitinqlər və məclislər dağıdılırdı; əmniyyətişəxsiyyənin iyi, tozu yox idi; kimini basırdılar, kimini kəsirdilər, kimini asırdılar, kimini sürürdülər, kimini tutub dustaq edirdilər; həbsxanalar ağzına qədər dolmuş idi, hətta, ac adamlara (fəhlə qisminə) çörək verməyi də qadağan etmişdilər; o idi ki, neçə-neçə pulsuz naharxanalar hökumət tərəfindən bağlandı... 17 oktyabrdan sonra neçə-neçə firqələr dəxi törədi, bunlardan ən alçağı “monarxist” ya “monarşist”lər firqəsidir ki, bunlar padşahbaz, padşahpərəst olub, hökuməti müstəqilə və müstəbidə tərəfdarlarıdır. Üzvləri çoxu xuliqandır. Ən odlu firqə isə “anarxist” və ya “anarşist”- lərdir ki, bunlar hər bir rahətlik və sakitliyə biganə olub, hərc-mərc və nizamsızlıq istəklisidirlər. Bunların üzvləri hökumət tərəfindən elə bir zülm gördükdən sonra, hər bir azadlıq və hürriyyətdən dəstbərdar olan və azadlığa olan etiqadını itirmiş adamlardır. Sair firqələrdən üzv tərəfindən zorlusu “hökuməti-məşruteyi əvamiyyə” və ya “qanunuləsasi əvamiyyə” (Konstitusiyonno-demokratiçeskaya, yaxud “kadet” və ya “Narodnaya svoboda”) firqəsidir ki, bunlar yalnız bir azadlıq tələb edirlər. “İctimaiyyun-inqilabiyyun” (sosial-revolüsyoner) firqəsi dəxi vardır: Bunlar zəhmətkeş sinfini toplayıb, onların nəfini gözləmək üçün hökumət dolanacağını birdən-birə, cəbr ilə də olmuş olsa təzələşdirib, ziraət cəmiyyətləri qurmaq istəyirlər. Tələb və məramca ən gözəl və ən göyçək firqə – “İctimaiyyun-amiyyun” (sosial-demokrat) firqəsidir ki, bunun bütün tələbləri pəsəndidə olub, baş tələbləri hər nəyə desən dəyər; bu tələb isə – kasıb və dövlətlini bərabərləşdirib bu gün pul ucundan və dövlətin çox və azlıqdan dünyada törənən həsəd, büxl, kin, ədavət, qüdrətsizlik, məhəbbətsizlik, üz döndərmək, yalan, saxtakarlıq, riyakarlıq, dava, müharibə və sairə məzmum şeyləri yox etməkdir. Bu üç axırki söylədiyim firqələrin hamısı istəyirlər ki, millət bilavasitə padşah ilə bir yerdə hökumət dolandırsın və dövlətin qanunlar qərar etmək işləri büsbütün millətin əlində olsun, nəinki vəzir-vüzəranın, binaənəleyh millət seçilmişlərinə külli-ixtiyar verilib, heç bir şeylə onun ixtiyarı təhdid edilməsin, yəni balacalanmasın. Lakin birinci şərt budur ki, millət seçilmişləri də bu seçki qaydası ilə seçilsin. Seçki gərək ümumikülli olsun, yəni uşaq, dəli və qoşun əhlindən savayı hamının vəkil seçməyə ixtiyarı olsun, bu ixtiyar hamıda bərabər olsun (ağanın və nökərin ixtiyarı bir olsun). Bu ixtiyar kişiyə verilən kimi, arvada da verilsin, seçki məxfi olsun; yəni hər seçkiçi hansı adamı istəyirsə onun adını xəlvətcə yazıb versin, çünki seçki bu cür məxfi olmayıb, aşikar olsa, o surətdə zəif adamlara qüvvətlilər güc edib istəmədiyi adamı seçməyə məcbur edərlər. Seçki gərək vasitəsiz olsun, yəni haman birinci seçkidə seçilən adamlar vəkil adlanıb millət məclisi qurmağa getsinlər. * * * Bəs, vaqeən hökumətin millət məclisi qurmağa özünün artıq meyli olsa idi, o surətdə seçki haqqı ümumi, lakin bərabər və məxfi olmaq qaydası ilə edərdi və nahaq yerə bu haqqı balacalandırmazdı. Və bundan savayı millət məclisindən başqa ayrı bir məclis qurmazdı ki, qanunlar verməkdə onun da millət məclisi kimi haqqı olaydı. Halbuki hökumət millət məclisinin belə bir naqis qurulması ilə kifayətlənməyib, bir də özgə məclis qurdu. Və ona da, millət məclisinə verdiyi ixtiyaratı verdi, yəni qanun verməkdə onu da işə çəkdi. Bu məclis nə məclisdir? Bu məclisin adı rusca Qosudarstvennıy sovet və ya Verxnaya palatadır ki, türkcə biz buna “Dövlət şurası” deyirik. Bu məclisin üzvləri kimlərdir? Məclis kimlərdən qurulubdur? Bu məclisin üzvləri bürokrat və burjua adlanan adamlardandır. Bürokratlar, yəni məmur, qulluqçu, daha yaxşı çinovnik və sahibi-mənsəblərdəndir. Vəzirlərdən tutmuş hərbi sahibi-mənsəb cümləsi bürokratlardırlar. Hanki məmləkətdə ki, bürokratlar güclü və ixtiyarlıdır, o məmləkətin işi xarabdır, çünki ixtiyarlı bürokratın vücudu ilə millət özü heç bir iş görə bilməyib, həmişə bürokratların buyurduğuna əməl etməyə məcbur olar və heç bir ixtiyarı olmaz ki, durub bürokratların tutduğu əməllərə nəzər yetirsin ki, görək, aya, bu əməllər millətdən ötrü nə qədər ağırdır və milləti əzməkdə bürokratın nə haqqı vardır. İxtiyarlı bürokrat millətə qəyyum hesab olunur, millət də onun qulu yerində görünür. Heç insaf deyildir ki, millət öz xeyir və şərini gözəlcə anladığı yerdə, durub uşaq kimi “qəyyum” əlinə verilə; halbuki bu qəyyum öz mənsəbini bütün millətin xeyirinə satmaz. İrana və Osmanlıya bir nəzər edək. Millətin qoyun sürüsü kimi dolanıb pərişan və sərgərdan qalmağına səbəb nədir? Bürokratiyanın gücü və ixtiyaratı... Burjualar isə, bunlarda pul güdənlərdir və hər bir böyük iş sahibləridir ki, zəhmətkeş və əməkçi adamların vasitəsilə pul qazanıb, heç zəhmətkeşin halına qalmırlar. Bunlarınki az adamı çox işlədib, çox da pul və sərmayə qazanmaqdır. Onların mühafizə edib gözlədikləri yalnız bir puldur, sərmayədir. Zəhmətkeşlərin məişətini yüngülləşdirmək onların ağlına gəlməz, zəhmətkeşin elmli, ağıllı səlim sahibi, qanacaqlı olmaları onlara xoş gələn şeylərdən deyil və bir də zəhmətkeş nə qədər möhtacdırsa, bir o qədər də onlara nəfdir. Çünki zəhmətkeş üzü qara möhtaclığın ucundan hər bir əzab və zəhmətə razı olub, burjuanın keyfi istədiyi kimi işləyəcəkdir. Mülkədarlar dəxi burjua qismindədir. Bunlar böyüklük və ağalıq kimi şeyləri çox sevərlər. Onların əqidəsincə kəndçi yaranıbdır ki, ağasına qulluq edib, ona pul qazansın. Lakin nə tövr qazansın, nəinən qazansın, qazanmağa iqtidarı varmı, bunlar daha ağanın işi deyil. Mülkədarın yeri var, kəndçinin yeri yoxdur. Ona görə kəndçi yerə möhtacdır və bu möhtaclıq da onu nökərliyə məcbur edir. Bu gün bütün Rusiyanı bürüyən aclığa səbəb kimdir? Mülkədarlar! Bəs Dövlət şurasının üzvüləri? Haman bu bürokrat və burjualardandır. Bunların bir qismini padşah özü üzv təyin edir və qalanları da seçki qaydası ilə seçilirlər. Bunlardan savayı Dövlət şurası üzvülərindən bəziləri də pravoslaviya məzhəb ruhanilərinin başçılarıdır. İştə, aşkardır ki, həmin bu Dövlət şurasında olanlar əvvəla, yəni həmişə qısqı və əziyyət içində saxlayan çinovnik, bürokratiyanın vəkilləri, millətin zəhmətkeş qismini güzərandan salan burjua və dövlətlilərin nümayəndələri, kəndçi sinfini ac qul məqamına gətirən mülkədar və dvoryanların seçilmişləri və bir də din azadlığına mane olan pravoslaviya ruhanilərinin başçılarıdır. Dövlət dumasına, yəni millət vəkillərinə verilən ixtiyar Dövlət şurasına da verilir. Dövlət dumasının qanun verməyə ixtiyarı olan kimi dövlət şurasının da qanun verməyə ixtiyarı vardır. Lakin iş burasındadır ki, Dövlət duması vermək istəyən qanunu gərək Dövlət şurası qəbul etsin və illa qəbul etməsələr qanun hökmü işləyə bilməz. Ta ki gərək buna padşahın özü baxa. İndi məlum olduğu üzrə Dövlət duması elə qanunlar vermək istəyəcəkdir ki, bunların vasitəsilə bütün millət qısqı və əziyyətdən qurtarıb mərfəhal ola bilsin. Buna görə, bürokratiya və burjua siniflərinin də bu qanunlar vasitəsilə ixtiyarını getdikcə azaldacaqdır. Belə olan surətdə Dövlət şurası ki, bürokratiya və burjuaziya yığıncağıdır, bu qanunların verilməsinə razı olarmı? Doğrudur, Dövlət duması dəxi Dövlət şurası vermək istəyən qanuna razı olmaz. Və bu qanunların baxılması padşahın özünə qalar. Lakin padşah ilə millət arasında Dövlət şurası kimi keçmiş hökumət nümayəndələri sədd və süpər olması Dövlət dumasını hər bir ixtiyardan salmış kimi olar... Odur ki, Dövlət şurasının vücudu onsuz da naqis və natamam bir tövr ilə yığılmış Dövlət dumasının özünü daha cüzi bir məclis mənziləsinə salır. Halbuki Dövlət dumasından başqa böyük və külli-ixtiyar sahibi heç bir məclis olmamalıdır. Bunu da unutmayalım ki, Dövlət şurasında müsəlmanlardan bir vəkil də yoxdur və olmayacaqdır. Bu xüsusda ədibi şəhərlərimizdən E.İbrahimov cənabları “Ülfət” qəzetində yazıb Dövlət dumasının müsəlman vəkillərinə təklif edir ki, Dövlət şurasına müsəlman vəkili daxil etmək məsələsini dumada danışsınlar. Lakin mənim zənnimcə, bunun heç lüzumu yoxdur. Bir məclis ki, Dövlət dumasına zidd ola, orada müsəlmandan vəkil oldu, olmadı birdir. Yaxşı olardı ki, heç Dövlət şurası bilmərrə qurulmayaydı. Amma nə etməli ki, bu məclis quruldu. Və quruldu ki, neçə yüz illərdən bəri yığılmış millət ehtiyacatının rəf olmasına sədd və maniə ola... * * * Bir tərəfdən Dövlət dumasına millətdən üzvlər seçmək işinin elə naqis və balaca olması və digər tərəfdən də Dövlət şurası kimi – bürokratlar yığıncağı qurulması milləti həvəsdən salıb, Dövlət dumasına olan etibarını kəsmiş kimi oldu. Dumanın əhəmiyyətini, yəni lazım və vacibliyini heç kəs nəzərə almırdı. Çünki bilirdilər ki, belə dumadan heç bir şey, heç bir mənfəət çıxmayacaqdır. Bu isə hökumətə çox xoş gəlirdi, hökumət duma açılacağını vədə verdiyinə peşiman olmurdu. Zira ki, bunu yəqin etmişdi ki, hürriyyətpərvər adamlardan heç bir kəs elə naqis dumaya daxil olmağa razı olmayacaqdır? Razı olanlar da “vətənpərəst” və “təəssübkeş” adlanan 17 oktyabr firqəsindən olacaqdır; bunlar da hökumətin ağzına baxıb “sür dərəyə” zərbi-məsəlinə tabe olacaqdılar. Bundan başqa, hökumət belə güman edirdi ki, dumada hürriyyətpərvər adamlardan olsalar da çox az olacaqdırlar. Ona görə onların rəyi dumada şayani-diqqət olmayacaqdır və bir də hökumət bunu özünə yəqin etmişdi ki, dumada hürriyyətpərvərlərə xələl və mümaniət yetirən hamıdan artıq kəndçilərin vəkilləri olacaqdır... Qəribə budur ki, hökumət dumanın bütün millət nəzərində belə cəri bir şey hesab olunduğunu yəqin bilə-bilə, yenə də istəyirdi ki, dumanı bacardığı yerəcən heç zad məqamına yetirsin, ona görə də əvvəla, Rusiyanın ətraf və əknafında dumaya vəkil seçmək işini qəsdən təxirə saldı. Odur ki, duma aprelin 27-də açıldı. Amma indiyədək bizim Qafqazdan oraya bir vəkil də göndərilməyibdir. Və saniyən, hər bir quberniyanı “Voennoye polojeniye” – idareyi-ürfiyyə əskəriyyə – altına alıb qoymurdu seçkidən qabaq camaat yığılıb, duma xüsusunda danışsınlar. Dumanın nədən ibarət olduğunu əhaliyə qandırıb, layiqli adamlar seçməyə vadar etsinlər. O idi ki, dumaya bir qədər ümidi olan adamların da həvəsi itib, hər yerdə kəsalət və ətalət ilə istər-istəməz iş görülürdü. Bir tərəfdən dəxi “repressiya” deyilən cəbr və zülm davam edirdi. Binəva millət bilmərrə istitaətdən düşmüşdü. Bir çox adamlar, ələlxüsus, yəhudilər Rusiyadan baş götürüb qaçırdılar. Bu cür dolanacaq nə vaxta kimi davam edəcəkdir allah bilirdi. Lakin bu dolanacağa dəxi tab gətirmək qeyri-mümkün idi. Buna görə də millət belə bir ağır vəziyyətdən çıxmaq üçün bir əncam axtarırdı. Əncam dəxi bu idi ki, ya qiyam edib, hökumətin belə bir tab gətirilməsi mümkün olmayan ağırlığını üstündən atmaq və ya hər nə tövr naqis olmuş olsa Dövlət dumasını ümid ağacı deyib, ondan əl üzməmək. Əvvəlinci əncam məlum səbəblərə görə mümkün deyildi. Labüddən, ikinci əncamdan yapışmaq lazım gəlirdi. O idi ki, dumanın açılmasına bir az qalmış millət içində dumaya həvəs artmağa başladı. Əvvəl dumaya özünü salmaq istəyən “17 oktyabr” və ya monarxistlər firqəsi idi. Ondan sonra “kadet” və yaxud məşruteyi-əvamiyə firqəsi kəmali şövq və həvəs ilə öz adamlarını dumaya salmağa səy və qeyrət etdi. Və elə bir cəld iş gördü ki, 17 oktyabr firqəsini basıb keçdi. Bunun dalıncan ictimaiyyun-amiyyun firqəsi tərəfindən də dumaya üzv hazırlamaq əlamətləri göründü. Millətin birdən-birə dumaya olan belə həvəsi hökuməti əndişəyə saldı. Daha, millətin dumaya layiqli üzvlər hazırlamaq əmrində bu qədər cəld və sürətlə iş görməsinə mane ola bilməyib hökumət özünü qorumağa başladı. Ən əvvəl pul sarıdan özünü təmin və arxayın etmək üçün beş prosent ilə külliyyətli borc elədi. Və saniyən bu zülm və sitəmin davamına səbəb olan Vitte, Durnovo və kompaniyaya mənsub adamları belə bir “hünər”dən sonra qocalıb, yorulduqlarına görə qulluqdan çıxardıb əvəzində tazalarını qoydu. Bundan başqa, Dövlət dumasının açılmasından iki gün əvvəl dövlət üçün əsas qanunlar elan edildi. Və bu qanunlar Dövlət dumasının cüzi bir məclis olduğunu ikinci dəfə camaata bəyan etdi. Lakin daha dumanın işi qurtarmışdı. Anrelin 27-si yetişdi, vəkillər Peterburqa yığıldı. Duma kəmali təntənə ilə açıldı. Və hökumət ancaq burada qandı ki, bu duma o özü güman etdiyi dumaya bənzəmir. Və buraya yığılan vəkillər hökumətin əmrinə qulaq asmaq üçün yığılmayıbdır. Bunlar millətdən ötrü həqiqi hürriyyət və azadlıq qazanıb, camaatı istibdad zindanından qurtarmaq üçün and içib gəliblər. Vəkillərin padşah həzrətlərinin nitqinə cavabən yazdıqları adresi bunu aydın surətdə hökumətə bildirdi. Adres göndəriləndən indiyə kimi bütün Rusiya deyil, bütün aləm gözləyirdi ki, görək hökumət dumanın bu adresinə nə cavab verəcəkdir. İndi bu may ayının 13-də vəzirlər heyəti dumanın adresinə cavabən bir para bəyanət verib dumanın baş tələblərini rədd edir. Duma isə, necə ki, bugünkü teleqramlardan göründü, vəzirlər heyətinin bu hərəkətindən dilgir və mütənəffir olub, öz dediklərində möhkəm durmağı qət edibdir. İştə, bu gündən belə bütün aləmin ənzarı Peterburq tərəfinə cəlb olunubdu. Hər kəs deyir: görək nə olacaqdır. Lakin bunu unutmamalıdır ki, vəkillər fəda olmaq istəsə də öz camaatını istibdaddan qurtarmağa and içən kimi, millət dəxi candan keçiləcək isə də öz vəkillərinə kömək etməyə and içibdir... * * * Hökumətin Dövlət dumasına qarşı ittixaz etdiyi politika günü-gündən bunu aşikar və əyan edir ki, hökumətin, öz tərzi idarəsini dəyişməyə heç bir vaxt meyli yox idi. Və indi də yoxdur və cəhd edəcəkdir ki, bacardığı yerəcən öz köhnə rejimini (tərzi-idarəsini) baqi saxlasın. Lakin hökumət özü dəxi öz politikasını dürüst anlayır ki, Dövlət duması kimi millət dərdi bilənlərin müttəfiqilövl iş görməsi müqabilində köhnə rejimin baqi qalması çox mahaldır. Bir vaxt olacaqdır ki, hökumətin özü üçün ikicə yol qalacaqdır: ya Dövlət dumasını qovub, işin nəticəsini “hərçibadabad” – deyə gözləmək və yaxud Dövlət duması tələblərini qəbul edib, özünü dəxi onun təhti-nəzarətinə vermək. Lakin bu iki yolun hökumətdən ötrü hankısı səlahdır? Şəkk yoxdur ki, ikincisi! Hökumət bunu özünə yəqin etməlidir ki, bir bu qədər cəbr və zülmdən sonra elə bir təntənə ilə qurulmuş və bütün aləmin, baxüsus Avropa milləi-mütəməddinəsinin diqqətini cəlb edib də, təqdir və təhsininə layiq olmuş Dövlət duması kimi birinci rus parlamentinin təbii və məşrui tələblər ibraz etməsinə görə, hökumət tərəfindən qovulması elə bir hadisələr vüquinə səbəb olar ki, bütün aləmi dəhşətəngiz bir qələyan içində buraxar. Firəng inqilabi kəbiri bu rus inqilabının yanında cüzi bir iğtişaş kimi görünər. Bundan sonra hökumət, qoşuna və sair, ərzəl kimsələr köməyinə ümid bağlamamalıdır. Demək olmaz millətin qoşun qismi bundan sonra da kor kimi olub, öz xeyir-şərini görməyə, öz səlahini anlamaya. Bu axırki cəbr və zülm elə bir ədalətsizlik ilə icra edilib də hər bir daş ürəklini mütəəssir etdi. Qəlbi qaralar da belə dodaq-dodaqdan götürüb, ədalətsizlikdən şikayət etdi. Bəs belə olan surətdə, əcəba, bir kəs tapılar ki, zülm və sitəmin təkrar icra edilməsinə alət və kömək olar? Heç kim buna razı olmaz! Bunu hökumət hiss etməlidir. Və hiss edib də daha bundan sonra millətə hərdənbir badalaq qurmaqdan, axırıncı dəfə sərfi-nəzər etməlidir. Hökumət özü görür ki, millət öz hüququnu almaq yolunda qabağına yumalanan mümanətlərin hamısını dəf və rəf edib, qəsb olunmuş məqamını, bilatəxir iştiqal etdi. Daha bundan sonra durub millətlə çəkişmək çətin bir əmrdir. Dövlət dumasının adresinin bilavasitə padşah həzrətlərinə verilməsi mümkün olmadığı kimi, birinci işkalatdan sərfi-nəzər etməsi hökumətə bir qədər cürət verdisə də, bu səfər dumanın vəzirlər bəyanatını müttəhidən və müttəfiqən rədd etməsi və vəzirlərin bu hərəkətinə görə istefa verməklərini tələb etməsi sübut etdi ki, millətin adresində sadaladıqları tələbləri qətidir, yəni millətin dediyidir. Bu yoldan cüzi bir inherafə də ümid yoxdur. Biz ümidvar olmaq istəyirik ki, Dövlət dumasının qovulmağı əmələ gəlməyəcəkdir. Və vəzirlərin də heç bir kimsəyə xoş gəlməyən belə hərəkətini bununla bəyan edirik ki, hökumət dumanın ağzını sınamaq istəyirmiş. Yalnız bir dumanı imtahana çəkmək niyyəti ilə bu bəyanatı ibraz edibdir. Duma isə özünə hali hissiyyatını qəti bir surətdə göstərdi və bundan belə hər bir imtahana sövq edilməyəcəyini də bildirdi. İştə, hökumət üçün dumanın tələblərinə əncam verməkdən başqa heç bir şey səlah deyildir. * * * Ordan-burdan 69 “Nepriyatnost”lar Balaca müsibətlərə rusca “nepriyatnost” deyirlər. Bu səfər bu “nepriyatnost”lar ucundan halım elə pərişandır ki, daha durub bu “nepriyatnost”i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə “nepriyatnost” deyib keçəcəyəm. Eh, bir belə də “nepriyatnost” olarmı? Bunun hamısına bir yerdə müsibət demək olar! “Nepriyatnost”, “nepriyatnost” dalınca! Yaponiya müsəlman olmaq istəyir. İçimizdə elə bir adam yoxdur ki, gedib onları müsəlman eləyib geri qayıtsın. Dövlət dumasına göndəriləcək vəkillərimiz hələ evdə oturub təsbeh çevirirlər və dumanın qovulmağına müntəzirdirlər. Yalandan şikayət edirlər ki, “Kaspi” qəzetəsi müsəlmanların müsəlmanlığını mühafizə edən məqalələri çap eləməyir və halonki srağagün üç-dörd məqalə guya “İrşada” niş vurmaq üçün çap eləmişdi; bilmirəm bu xalq nə üçün yalan deyir. Naxçıvanda bir allah bəndəsi “Həyatın” sütunlarını heç bir-birinə uyuşmayan sözlərilə doldurub, deyir “İrşada” cəza veriniz ki, əlmüstəqim sözü heç kəsin qulağını taqqıldatmayır və özü də istiqamətə dəlalətdir; Şuşada İbrahimov adlı bir “pəhlivan” Haşım bəy Vəzirovu vurub matdan çıxarıbdır. Yenə erməni müsəlmanı öldürdü, müsəlman ermənini öldürdü sözləri qulaqlarımızı dəng eləməkdədir. Şeyxülislam cənabları “İrşad” müdirindən giley edib deyir: heç bunu yada salmayırsınız ki, minib gəzməyə bir “şikarnı” faytonumuz da yoxdur. Durub bütün “nepriyatnost”ları sadalasam, allah bilir ki, nə qədər danışmaq lazım gələr. Sözüm oradadır ki, bu “nepriyatnost”ların hamısı Bakı yayının bu isti günlərində mənə o qədər ağır əsər eləyir ki, səhər, günorta, axşam həmişə ovqatım təlx və əhvalım pərişan olur. Bəzi vaxt öz-özümə sual verirəm ki, birdən: Yar sual etsə ki, halın nədir? Xəstə filankəs, nə verərsən cavab? * * * Vəkillərimiz nə tövr olmalıdır Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmriəzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin. Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin. Əvvəla, vəkilə olan şəxs gərək əhalinin hər bir ehtiyacatından xəbərdar olsun. Ümumi ehtiyacatımız dürlü-dürlüdür*. Bundan masəva, əhali neçə-neçə siniflərə bölünür, ümumi ehtiyacatdan səvayı hər bir sinfin özünəməxsus ehtiyacatı var. Bu ehtiyaclar dəxi vəkil adlanan şəxsə məlum olmalıdır. Əgər vəkil özü mənsub olan sinfin ehtiyacatına artıq diqqət yetirib də sair siniflərin ehtiyacatından Əğmazieyn edərsə, o surətdə sairlərinin haqqında zülm etmiş kimi olub, onların yanında məsul qalar. Əhali tərəfindən dövlət dumasına öz vəkilinin adına göndərilən ərizə (petitsiya)lərə vəkil olan şəxs böyük diqqət yetirib müzakirələr əsnasında mövqiə qoyub əncam aramalıdır. Saniyən, əhali ehtiyacatından mükəmməl surətdə xəbərdar olan vəkil bu ehtiyacatı layiq surətdə izhar etməkdən ötrü rus dilinə kəmalən və təmamən dara olmalıdır. Məlumdur ki, fəsih və bəliğ surətdə danışmağa qadir olan şəxsin söylədikləri hamının diqqətini cəlb edib heç bir vaxt əsərsiz qalmayır. Dürüst dil bilən adam ürəyində olanın hamısını izhar və ifadə eləməyə qadirdir. Onun izharat və ifadatı də nə qədər ki, fəsih və bəliğdir, bir o qədər əsərpəzir olub nəzəri etibardan geri durmaz. Salisən, əhali ehtiyacatından xəbərdar olub, o ehtiyacatı söyləməyə də qadir olan vəkil gərəkdir ki, heç bir şeydən çəkinməyib və qorxmayıb, hər nə ki, ürəyində vardır hamısını kəmali-cəsarət və cürət ilə izhar etsin. Dövlət duması öylə bir yer deyil ki, orada utanmaq, qorxmaq, çəkinmək kimi sifətlər vəkil qabağında məmaniət olub onun niyyət və məqsədi-alisinə xələl yetirə. Bu bir meydandır ki, burada hər bir millət bahadiri öhdəsinə götürdüyü vəzifənin ifa və icrası üçün hər nə tövr iş görməyi lazım bilirsə, o işləri görməməkdə özünü sərbəst, azad və muxtar hesab etməlidir. Vəkil bunu heç bir an unutmamalıdır ki, o, əhalinin ümidgahi-yeganəsidir. Onu seçib göndərən əhalinin gözü bir tək ondadır. Bu isə vəkilə cürət və cəsarət verib, onu hərdən ürəkləndirir. Rabiən, vəkil olan şəxs mənfəəti-şəxsiyyəsini bilmərrə kənar atmalıdır. Ümumi əhalinin mənfəətini öz nəfinə satmamalıdır. Əhalinin mənfəətini hər bir şeydən əziz tutmalıdır ki, onun hüsuluna da can və dil ilə çalışsın. Dumada xətir gözləmək, təməllüq etmək, böyük-kiçik saymaq kimi adətləri bərtərəf edib, mərd-mərdanə iş görmək lazımdır: Xamisən, bütün əhali ilə vəkil arasında gərək məhəbbət və rabitə olsun. Vəkil əhaliyə biganə olmamalıdır. Əhali dəxi öz sevgili vəkilini dumaya göndərdikdə ona hər bir halda arxa və tərəfdar olacağını səmimülqəlb izhar etməlidir ki, bu da vəkildən ötrü ürək-dirək olsun. Vəkil gərək əhalinin ona olan ümidinə inansın, əhali dəxi vəkilin vəkilliyə layiq olduğunu dürüst bilsin, ondan sonra da bir-birinə arxa və kömək olacaqlarında əmin olsunlar. Bu halda Dövlət dumasının üzvləri, yəni əhali tərəfindən göndərilmiş vəkillər orada neçə-neçə firqəyə bölünübdürlər. Bizim vəkillərə də lazımdır ki, bu firqələrin birinə özlərin daxil etsinlər. Bu işi biz vəkilin öz vicdan və insafına həvalə ediriz. Əlbəttə, hər bir halda, vəkillərimizə lazımdır ki, o firqəyə daxil olsunlar ki, onun məramnaməsi biz əhalinin bütün ehtiyacatını rəf etmək üçün ittixaz oluna bilən məramnaməyə müvafiq ola. İştə, Bakıya cəm olmuş seçkiçilərimiz öz vəzifələrinin əzəmətini aydın surətdə düşünməlidirlər və sədayi-vicdanə qulaq verməlidirlər. Onlar unutmamalıdırlar ki, əhali onların dumada hər bir əməlinə və hər bir sözünə kəmali-huş və guş ilə diqqət yetirib qulaq asacaqlar. Binaən əleyh əhali məhəbbətini əziz tutmalı və əhali qəhr və qəzəbindən həzər etməlidir. * * * Ordan-burdan 70 Deyirlər ki, Dövlət duması iyun ayının 16-da bağlanacaqdır. Əcəba, Dövlət duması nə qayırdı ki, bu tezliklə bağlanır? Hansı bir qanunu qayırdı? Hansı qanunu dəyişdi? Hansı ministri podsuda verdi? Bəs aministiya, filan deyirdilər, necə oldu?.. Siz mənə cavab verərsiz ki, qoy bağlansın, zərər yoxdur. Allah qoysa, payızda yenə açılar. Buna sözüm yoxdur, əlbəttə, allah qoysa açılar, lakin hərçəndi duma hələ bir şey qayırmadı, ancaq yenə də öz zərbi-zəngini hökumətə bildirdi. Qorxuram ki, dumanın bağlanmasını hökumət qənimət bilib, “payızda duma açılsın” sualına cavab verə ki, “hansı payız?!”. Yaxud mərdi-mərdanə söyləyə ki, “daha bu oyuna qarı gəlibdir!..”. * * * Hərgah, doğrudan da duma iyun ayının 16-da bağlanacaqdırsa, onda bizim vəkillərin, ələlxüsus Bakı vəkillərinin bundan sonra dumaya getməsi buna bənzər ki, “Toydan sonra nağara, xoş gəldin bayram ağa”; çünki bizim vəkillərin burdan tərpənib, Peterburqa rəvan olması, oradan dumaya getməsi, dumada 500 adama əl verib, hal-pürsan olması və ondan sonra ədəb və ərkan ilə oturub, ehtiram üçün bir müddət sükut etməsi, əqəllən, bir 15 gün çəkər zənn edirəm... * * * Bəs idareyi-ruhaniyyəmizin işi qaldı oktyabr ayına... Çünki bilirsizmi, indi oturub idareyi-ruhaniyyəmizin işlərini müzakirəyə qoysam, yəni “köhnə yorğan içi töksəm” nə olsa lazımdır ki, idareyiruhaniyyəmizi ayaqbaş və başayaq qayırmış ərbabi hökumətin dələduzluluğundan danışasan, bu da məlumdur ki, yaxşı olmaz, çünki hələ Dövlət duması ərbabi-hökumətin hərki-hərkiliyinə cilov vurmayıbdır. Görərsən ki, birdən, Allah eləməmiş, ərbabi-hökumətlə aramızda inciklik oldu. Bizə pis gözlə baxdılar ki, eyib deyilmi? Bizim dələduzluluğumuzu müsəlmanlara bildirirsiniz. Halbuki indiyə kimi müsəlmanlar biz hökumət əhlini “məlaikə” bilirlər və s. Qərəz, böyük inciklik olar. Ona görə çox ağıllılıq ediblər ki, idareyiruhaniyyə işlərini oktyabra qoyubdurlar. Əlbəttə, bu ümidlə ki, bəlkə o vaxtadək Dövlət duması hökumət əhlini “babam mənə kor deyib, gəlib gedəni vur, öldür, soy, kəs, bas deyib” nə cilov vurar, o surətdə hökumət əhli bizdən incisə də zərəri olmaz. Yox işdir, adamdır, birdən oktyabradək hökumət öz Dövlət dumasına cilov vursa, yəni dumanın qapılarını əbədilik qıfıl ilə bağlasa, daha onda nə qayıra bilərik. Məlumdur ki, ağzımızı açmağa da həddimiz olmaz. Qəzavü qədərə tabe olub, yorulub bir küncdə oturarıq. Hərgah o halda bizim qulağımıza səs gəlsə ki, “fürsəti fot eyləməz aqil məgər nadan ola” deyərik ki, balam, fürsət filan əldən gedibdir, daha danışmaq yeri deyil. İş gərək belə olaymış və alnımızda da belə yazılıbmış... * * * Və bir də deyirlər ki, Bakıda hər gecə parta-part olur. Onda xalq hürkür, allah bilir ki, xalqın ağlına nə cürə fikirlər gəlir. Arvad, uşaq ürəkqopmasına düşür, qərib-qürəba Bakıda bu parta-partı eşidib məəttəl qalır və s. Buna cavabən deyərik ki, nahaq yerə xalq parta-partdan ürkür, nahaq yerə ağlına min fikir gəlir. Çünki bu parta-parta səbəb Bakıda olan toydur və toy xüsusunda da heç bir fikir eləmək lazım deyil. Arvad-uşağın ürəkqopmasına qalarsa, vallah buna lap məəttəl qalmalıdır. “Neujeli” indiyə kimi arvad-uşaq bu parta-parta öyrəşməyibdir, halbuki burada elə parta-part olur ki, guya Port- Artur, Vladivostok, Dalni, Muqden, Kuropatkin, Toqo, İstesil, Oyama hamısı bizim bu Bakıda imişlər. O ki, qaldı qərib-qürabanın məəttəl qalmağına – o da təəccüblü iş deyil, çünki qərib adam hər şəhərə getsə, orada bir qəribə şey görüb mətəl qalacaqdır. Zira hər şəhərin bir qəribə və məəttəl qalmalı işləri vardır. Vəssəlam. Bundan sonra durub, Bakı parta-partından incimək heç bir halda insaf deyil və ədalət xaricindədir. * * * Ordan-burdan 71 Ha fikir edirəm, başa düşmürəm! Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmədim. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsa idi, acığı tutub haman dəm götürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə kərdəngir edibdir ki, heç cavab zad da yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay Allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və “ideya”sı nə imiş, çünki bu saat heç bir kəs “ideyasız”, məqsədsiz bir kağız yazmayır. Dükançılar köhnə qəzetənin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir “ideya” bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür “ideya” bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyüb də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şeir xüsusda danışmışam, o da mənə cavab verirmiş; qərəz, nə baş ağrısı verim, kağızın məzmunu budur: “Ay Filankəs, yadındadırmı ki, sən məni aldadıb, mənə nəql deyirdin ki, guya, sizin şəhərinizdə millətpərəst pəhləvan adamlar var. Heç bir vaxt milləti öz şəxsi mənfəətlərinə satmazlar və mən də sənə cavab verdim ki, a kişi inanma: onlar millətpərəst deyildirlər, məbləğpərəstdirlər və sözlərinə qulaq vermə yalançıdırlar. İndi gördünmi ki, mənim sözlərim doğru oldu, a Filankəs! Hərgah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax... Ay Filankəs, yadındadırmı ki, sən yenə məni aldadıb deyirdin ki, bizim şəhərimizdə bir orqanizasiya sosialist vardır, çox əqidələri doğru və “ubejdeniyalı” adamlardırlar, “proletaria”nın mənafeyini gözləyirlər və mən də sənə cavab verirdim ki, a kişi inanma: onlar uşaqdırlar, uşaq da olmasalar oyunbazdırlar. İndi, gördünmü ki, mənim sözlərim doğru oldu, a filankəs, səni görüm... (burada mənə pis söz deyibdir, ancaq mən onu yazmıram); hərgah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax... Ay Filankəs, a... (yenə pis söz deyibdir) yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah inanma, onlar hələ qoyun sürüsüdür. Hələ o məqamlar uzaqdır. İndi gördünmü ki, mənim sözlərim doğru oldu, ay Filankəs! Hərgah yenə mənə inanmayırsan, get yenə may ayının otuz birinə bax... Ay Filankəs, belə “millətpərəst”ləriləmi meydana çıxıbsan, belə “sosialistlərin”ləmi fəxr eləyirsən. Camaatın belə ayıqlığındanmı dəm vurursan, ay Filankəs?.. Sözün doğrusu, mən sənin yerinə olsam, qələmi zadı sındıraram, bundan sonra səs çıxarmağa utanaram, ölərəm, a kişi!.. Kağızın yerdə qalanı söyüşdür, imza, filan da yoxdur. Lakin bu nə olsun? May ayının otuz birinə bax, yəni nə? Mən bu kağızı oxuyandan sonra, gedib bir rus və bir müsəlman təqvimi tapıb, may ayının otuz birinə baxdım, lakin orada bu kağıza dəxli olan bir şey tapmadım. Rus təqvimində yazmışdı ki, filan “svyatoyun” ağaca çıxan günüdür, müsəlman təqvimi də yazmışdı ki, bu gün saat xoş deyil. Daha bir şey yox idi, bu kağıza aid ola idi və tərs kimi, o gün şəhərimizdə də oylə bir qəribə əhval vaqe olmamışdı, yenə irəlilər adam zad öldürərdilər. O da olmamışdı. Tək bir o gün, yəni may ayının otuz birində şəhərimizdə Dövlət dumasına vəkillər seçilmişdilər. Lakin bunun millətpərəstliyə, sosializmə, camaatın ayıqlığına nə dəxli? Qərəz, mən ki, heç başa düşmürəm ki, bu kağız nə olsun və bunun “ideya”sı nə imiş... Əlbət, əli dinc durmazın birisi imiş, yazıb mənə sataşmaq istəyirmiş, vəssəlam! * * * Kəndçilərimizə dair Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər: Ke əz çəngale-korgəm dər rebudi, Çe danəm aqebət görgəm to budi. səza və şayəstə olardı. Kəndçilər isə bu sözlərin özlərini demədilərsə də mənasını qövlən və felən hökumətə bildirdilər. Hürriyyət fədavilərindən kəndçilər qeydinə qalanlar orada-burada kəndçilər arasında deyib-danışıb hökumətin kəndçilərə olan zülmünü qandırdılar. Kəndçilər isə bütün bədbəxtliklərinin başı nerədə olduğunu anlayıb etiraz etdilər. Yəni iğtişaş və şuriş salıb kəndçi və yer (aqrarnı) məsələsini meydana çıxartdılar. Bu halda yalqız bu məsələ hökumətin böyük vahiməsinə səbəb olmaqdadır. “İxtiyar ver!” İştə, bu sözlərdir ki, rus rəhat əhli öz vəkilləri ilə bərabər onun üstündə qaim durub, hökuməti qısnayıbdırlar... İndi keçəlim bizim öz kənd əhalimizə. Rusiyada heç bir millət yoxdur ki, biz müsəlman kimi xar və zəlil olmuş ola və həmçinin, heç bir sinif yoxdur ki, bizim kəndçi sinfimiz kimi, hüquqi-mülkiyyə və milliyyə o yanda dursun, hüquqi-insaniyyədən məhrum olub, həqiqi məzlum adını gəzdirməyə layiq olmuş ola! Əgər bir sahibi-vicdan bizim kənd əhalimizin əhval və ovzaına layiqincə aşina olsa, bizim sözümüzü heç bir halda mübaliğəli ədd etməz. Bizim kənd əhalimiz oylə, bir hala qalıbdır ki, hər bir tərəfdən narəva münasibətlərə, zalimanə rəftar və hərəkətə səbr və təhəmmül etməyə məcburdur. Kəndçilərimizin güzəranını kəsib də diriliyini təhəmmülfərsa edən neçə-neçə səbəblər vardır. Əvvəla hökumətin zülmü... O zülm ki, bütün rus dəhat əhli (bilatəfriqi-millət) onun altında əzilib əriyirdi, o zülm ki, əlhal, rus dəhat əhlinin qiyaminə səbəb olubdur kənarda dursun, hökumətin bizim kəndçi sinfindən ötrü hazırlanmış xüsusi zülmləri dəxi vardır ki, bu zülmlər knyaz Qolitsinin zəhərli politikasının nəticəsi olaraq, o zamandan indiyə kimi davam etməkdədir. Qeyri millətləri görmək də istəməyən bu knyaz bütün Qafqaz ölkəsinin əhalisini və baxüsus, kənd əhalilərini oylə bir ağır şərtlər içində buraxmışdı ki, yazıq kəndçi nəfəs belə ala bilmirdi. Qafqaz əhalilərinin dolanacağından zərrə qədər də xəbərdarlığı olmayan rus məmurlarını təyin edib də bu zalım hakim polis istirajası təşkili ilə öz cövr və cəfasını son dərəcəyə çatdırdı. Bəy pulu ilə dolanıb da rəiyyət qanını içən bu strajniklər indiyə kimi hökm sürüb də Qafqazın kəndçi hissəsini bilamümaniə və mühakimə dağıdır, viran edirlər. Əlbəttə, qonşu kəndçilərimiz öz millətpərəstlərinin təşviqat və tovzihatı sayəsində öz xeyr və şərlərini, dost-düşmənlərini anlayıb və hər bir məmurun dairəyi-ixtiyaratını bilib, bu halda hər bir məmurun ixtiyarından artıq iş görməsinə qarşı etiraz və protest edirlər. Bizim bədbəxt kəndçilərimiz isə heç bir şeydən xəbərdar deyildirlər. Onlardan ötrü hamı sahibixtiyardır və sahibixtiyarların ixtiyaratının hədd və hesabı yoxdur. Qubernator, naçalnik, pristav və strajnik bizim kəndçilərimizin üstündə ağa olub, bu bədbəxtlərin başına hər nə qədər pislik gətirsələr caizdir, çünki külli ixtiyar sahibidirlər! Bu gün bir allahsız strajnik istəsə qabağına çıxan kəndçini lap arxayın öldürə bilər və bir kəs bundan sorsa ki, nə üçün bu kişini öldürdün, cavabı-şafi verər ki, oğurluq edirdi, ya yol kəsirdi... Əgər durub polis məmurlarının nə baxüsus strajniklərin müsəlman kəndçilərinə rəva gördükləri zülm və sitəmi bir-bir yazasan hər sahibidil oxuyub, qan ağlar, o surətdə müsəlman kəndçilərinin də quldur olub yol kəsməyi, adam öldürməyi heç bir kəsə təəccüblü və vəhşiyanə görünməz. Bəzən binəva kəndçi strajnik gözünə görünməyib, əlinə düşməmək üçün qaçıb quldur olmağa razıdır. Bu cəllad ürəkli strajniklərin azğınlığı əksər ovqat o dərəcəyə qalxır ki, kəndçinin əhl və əyalına əl uzadıb ismət və namus pərdəsini də yırtmağa cəsarət edir. Lakin nə deyirsiniz, görünür ki, hökumət nəzərində kəndçilərdən ötrü yalnız bir strajnik zülmü azımış. Ona görə, strajniklərin baqi qalması ilə bərabər vəhşilik və dürəndəlikdə strajniklərin də ikiqat mahir olanları dəxi kəndçilərin canına müsəllət etmək lazım gəlibdir. Odur ki, əlan Qafqazın hər yeri qazaq dəstələri ilə doludur. Qazağın da kim olub-olmadığı bir Qafqaz deyil, Rusiya deyil, bütün aləmə əyandır... * * * Bir tədbir lazımdır ya yox? Zaqafqaziyada işlər xarabdır. İrəvan və Gəncə quberniyalarından bir-birindən həyəcanlı, bir-birindən qorxulu xəbərlər gəlməkdədir. Quldurluq, qatillik, bu zavallı quberniyalarda adi hadisələr halını çoxdan bəridir ki, kəsb edibdir. Bir tərəfdə öldürürlər, bir tərəfdə soyurlar, bir tərəfdə heç bir təqsiri olmayanları əsir edib, min cürə əziyyət və əzaba giriftar edirlər! Qəzetələr böylə hadisələri öz sütunlarında xəbər verib, onu dəxi qeyd edirlər ki, filan yerə qoşun göndərilib, filan yerə top aparıldı. Lakin bu qoşun, bu top məzkur hadisələrin günü-gündən şiddətlənməsinəmi kömək edir, yaxud əksilməsinəmi? Biz desək bu hadisələrin əksilməsini görməyib hər gün yeni hadisələr vüquunu xəbər verirlər. Şübhəsizdir ki, əgər işlər bu tərz ilə davam etsə, yəni vaqe olan hadisələrə qarşı yalnız bir qoşun və top göndərməklə tədbirlər görülsə, bu ölüm-itim, quldurluq, basqınlığa bir intəha olmaz, bəlkə bunlar hamısı o qədər şiddətlənər ki, axırda ümumi bir qırğına mübəddəl olub, ölkəni ağzına alar. Ondan sonra... “əsaslı” tədbirlər görülməsinə mübaşirət edilər, tədbirləri işə buraxmağa, tətbiq etməyə başlarlar. Lakin üç gün keçməz ki, genə sahib tədbirlər boşalar, tədbirlərin əsəri, nüfuzu azalar, yenə ölüm, itim, hücum öz qaydasına girər, top və qoşun göndərilər, heç bir faydası olmaz, işin axırı qırğın və iğtişaşa müncər olar və habelə... Bunlar hamısı təkər kimi fırlanmağa başlar və bunların hər bir fırlanmasına ölkənin hər dəfə bir qismi qurban olub gedər... Lakin bir fikir edəlim, məgər, doğrudan da bu qanlı hadisələrə qarşı əsaslı tədbirlər görmək lazım deyilmi? Məgər, doğrudan da qət edilibdir ki, hər nə olur olsun? Məgər, keçən erməni-müsəlman şurasından nəticələr çıxara bilmədiyi rəislərimizi, başbilənlərimizi daha həvəsdən saldı? Lakin bu erməni-müsəlman şurasından arzu edilən nəticələr çıxa bilmədiyinə səbəb nə oldu? Əgər işə diqqət ilə baxılarsa məlum olar ki, bu şuranın səmərəsiz qalmağına və qanlı hadisələrin, hətta qırğınların davamına və şiddətlənməsinə yalnız bir o həqiqət səbəb oldu ki, məzkur şuranın qərarilə canişin, qubernator, naçalnik və pristavlar hüzurunda təşkil olunmuş sülh və səlah komisyonları öz vəzifələrini layiqincə yerinə yetirə bilmədilər. Ən əvvəl bu həqiqəti yadımıza salalım ki, yuxarıda zikr olunan erməni-müsəlman şurası qurtarıb canişini-Qafqaz hüzurunda komisyon qurmağa başlandıqda, erməni camaatının ifratpərvər hissəsi öz vəkillərini məzəmmət edib, hətta onların vəkilliyə haqları olmadığından danışmağa şüru etdilər. Bu da ondan naşi idi ki, məzkur şurada müsəlmanlar tərəfindən biməhaba rast və mərd-mərdanə danışan vəkilləri bu erməni-müsəlman iğtişaşına böyük səbəb ermənilərin “Daşnaksütyun” adlanan ixtilalçı firqəsi olduğunu dəlil və sübutlar ilə hökumət hüzurunda bəyan etmişdilər. * * * Bəs o vaxt ki, ölkənin orasında-burasında müsəlmanlar ölüm-itim və hücuma giriftar olurdular, canişin hüzurundakı sülh və səlah komisyonu bu cinayətlərə qarşı bir tədbir görməyi artıq hesab edirdi, o vaxt ki, hökumət qulluqçuları öz provokatorları ilə və fitnə və fəsadları ilə aranı qızışdırırdılar və müsəlmanları erməni bədkarlarının ayağına verib erməniləri müsəlmanların üstünə qalxızırdılar. Yenə məzkur komisyon kəmal istirahət ilə oturub, belə bir şeytənətkaranə əməllərə etina etməyirdi və diqqət yetirməyirdi. Demək olmaz ki, bu cinayətlərin sədası və zülmdidələrin ah-naləsi komisyon üzvlərinin qulaqlarına yetişməyirdi; xeyr, onlar bunun hamısını yaxşı bilirdilər, lakin bilə-bilə özlərini bilməməzliyə vururdular. Demək olar ki, əgər bu sülh və məsaliməti özünə vəzifə ittihaz etmiş canişin hüzurunda olan bu baş komisyon öz müqəddəs vəzifəsini layiqincə ifa edə bilsə idi, yəni qərəz və tərəfgirliyi kənara qoyub sadiq dil ilə işə baş qoşsa idi, əbəs bir bu qədər qan tökülməzdi. İndi hər iki tərəfdən biruz edən cinayətlər şiddətlənməkdədir; sülh və səlah komisyonları isə bir tərəfdən qərəz və tərəfgirlər və digər tərəfdən ətalət və cəbunluq illətinə giriftar odluqlarından əlan bu qorxulu hadisələrin önünü almaqda gücsüzdürlər. Baş komisyonun bu axırki qərardadından necə ki, gözlənilirdi heç bir hüsn nəticə hasil olmadı... General Quluşçapovun Qarabağa təkrar təyin olunub getməsindən heç bir şey çıxmadı, generalın burnunun qabağında neçə-neçə cinayətlər baş verdi, general isə buna qarşı heç bir tədbir görmədi. Məzkur komisyon tərəfindən general Quluşçapovun öhdəsinə həvalə olunmuş köç məsələsi əl-hal namücməl qalıbdır; köçün bir yarısı dağda və bir yarısı arandadır... Komisyon qərar qoymuşdu ki, Gəncə quberniyasının provokatorluq edən hakimləri qulluqdan kənar olunsun. Əlan o provokatorlar öz başçıları olan Xan kəndi pristavı Voskresenski, Zəngəzur pristavlarından Saxarov ilə bahəm hələ hökm sürməkdədirlər... Ölkəsinin və millətin qeydinə qalıb dərd və qəmini çəkən və yalançı “millətpərəstlik” örtüyü (maskası) altında özünü gizləməyən və millətbaz olmayan şəxs bu işlərə və bu əməllərə diqqət yetirməlidir və gələcək vəxamət və təhlükələri nəzərdə tutub sual etməlidir ki, davam edib də şiddətlənməkdə olan bu hadisələrə qarşı tədbir, görmək lazımdır ya yox! * * * Tədbir vacibdir və əzəldən vacib idi. Lakin indiyə kimi görülən “tədbirlər” necə ki, görürük, heç bir hüsn-nəticə verə bilmədi. İndi isə ciddi tədbirlər görmək vacibdir. Hal-hazırda neçə-neçə firqələrin bu əhvala dair nəzərləri bizə məlumdur. Bu firqələr dəxi keçən tədbirlərin və əzoncümlə sülh və səlah komisyonlarının puç və bihudə olduqlarını görüb və gələcəyə dair təsəvvürlərini izhar etməklə bəra-bər öz tərəflərindən dəxi əqidələrincə həqiqi saydıqları tədbirlər təklif edirlər. Məsələn, erməni sosial-demokrat partiyası bizim ictimaiyyunamiyyun firqəsilə bərabər, isbat edirlər ki, hal-hazırdakı tərzi idarə (rejim)in vücudilə ölkənin sükut və istirahəti tamməsi, yəni, bilmərrə sakit və salim olması mümkün deyildir, bainhəmə, bu tərzdə bir tədbir təklif edirlər ki, bu iğtişaşın qəti, yalnız, bir Qafqazın zəhmətkeş hissəsinin əlilə mümkün ola bilər. Binaən əleyh həmin zəhmətkeşlərdən, yəni füqərayi-kasıbə deyilən fəhlə ilə kəndçi sinfindən cəmiyyətlər təşkil edib, iğtişaşı qət etmək işini onlara həvalə etməlidir. Lakin əvvəlcə təşviqat və təhrikat vasitəsilə bu füqərayi-kasibə firqəsini o məqamə yetirməlidir ki, onlar işin əslində xəbərdar olub öz xeyir və şərlərini qansınlar. Bu nəzər və bu tədbiri hər halda təqdir və təhsin etməmək olmaz, bu yaxşıdır. Lakin iş buradadır ki, bu tədbirin işə qoyulması çox uzun çəkər, istər ermənilərin və istərsə müsəlmanların kəndçi qismini xeyir və şər tanımaq məqaminə gətirmək üçün neçə illər sərf etmək lazımdır. Halbuki bu böhranlı zamanda iti əsərli tədbirlər görmək lazımdır. Biz müsəlmanlar dəxi rus məmurlarının provokatorluqlarını iqrar və etiraf edib də, erməni “Daşnaksütyun” firqəsinin də bu iğtişaşın davamına səbəb olduğunu anlayıb, ölkənin sakitlik və rahətliyi xatirəsi üçün tələb edirik ki, provokator olan məmurların bərkənar olması ilə bərabər, onların əlində kor alət olan “Daşnaksütyun” firqəsi dəxi dağılıb puç olsun, əlbəttə, bizim bu tələbimizə tez əncam verilsə, iğtişaş tez bir zamanda da sükunət və rahətliyə mübəddəl olar. Bu şübhəsizdir, lakin iş buradadır ki, bizim bu haqq tələblər tez bir zamanda əncampəriz ola bilməz, çünki doğrudur erməni camaatının özü bu hala öz “mühafiz”ləri olan “Daşnaksütyun”dan incikdir, amma, bainhəmə, illər ilə təşkil və təqviyə edilmiş bu firqə bu gün özünü öz camaatı arasında elə möhkəmləndiribdir ki, tez bir zamanda puç olması çox mahaldır. Onun terror vahiməsi hələ camaatın canından çıxmayıbdır... Bəs nə etməli? Məlumdur ki, iğtişaş və qan tökmək olmamaqdan ötrü lazımdır ki, provokasiya olmasın. Bu provokasiya həm hökumət tərəfindən ola bilər və həm də hər iki camaatın əvzəl və dəni şəxsləri tərəfindən; və saniyən, bir qanlı hadisə vaqe olandan sonra səy etmək lazımdır ki, bu hadisə təkrar davam etməsin və sair yerlərə yayılmasın. Bu da o zaman mümkündür ki, qanlı hadisəyə səbəb olan şəxslər bilatəxir adilanə, lakin şədidcəza və tobix yesinlər, yəni təkrar edirik, ölkəni, barı heç olmasa indiki halına nisbətən, sükunət və rahətlik üzrə saxlamaq üçün lazımdır ki, ümdə diqqət iki şeyə cəlb olunsun: Provokasiyanın olmamağına və müqəssirin bilatəxir layiqincə cəzalanmasına; zatən bu düşmənçilik bu iki millətin arasına kənar əlilə soxulmuş bir şeydir, əsası deyil. Binaənəleyh kənardan gəlmiş bu düşmənçiliyi yuxarıda zikr olunan tədbirlər ilə rəf etmək mümkündür. Lakin bu şərtlə ki, o tədbirlərin tətbiqinə heç bir qüsur və müsamihə olmasın. İştə, ölkənin sülh və müsaliməti üçün ümdə iki tədbir görmək lazımdır: provokatorları qovub sürmək və caniləri layiqincə tənbeh etmək. Qətiyyən demək olar ki, bu erməni-müsəlman iğtişaşı başından indiyə kimi nə bir provokatora və nə də bir caniyə arzu olunan surətdə cəza və tənbeh olunmayıbdır; provokatorlar öz yerlərindədirlər və bu yerdən o biri yerə dəyişilibdirlər; əsil müqəssir və canilər isə cəza üçün hökumət əlinə verilməyibdirlər. Zatən provokatoru və caniləri məhkəmə əlilə tənbih və tovbix etmək bizim bu sülh və səlah komisyonlarının vəzifələrindəndir; lakin nə etməli ki, bu komisyonlar öz təqsirlərinə görə bu işdə gücsüz və qüdrətsizdirlər... Halbuki indi yalnız bu gunə tədbirlərilə ölkənin sükunət və rahətliyini – əhali əqlə və huşə gəlincə, – saxlamaq mümkündür. Məlum olduğu üzrə hökumət də bu tədbirləri heç bir vaxt layiqincə ittixaz və tətbiq etməz; hər halda bu tədbirlər camaatın öz əlilə işə qoyulmalıdır və bu tədbirlərin əncamə yetməsinə camaat özü göz yetirməlidir, çünki provokatorun da və caninin də kim olduqlarını camaat özü yaxşı bilib tanıyır və bunlara tənbih və cəza olunması cana doymuş camaatın şiddətli arzusudur. Söz yoxdur ki, camaatın bu işə müdaxiləsi ancaq öz vəkillərinin vasitəsilə ola bilər; binaənəleyh camaat bu işdə olsun deyibən, yenə komisyon və komitə qurmaq lazımdır. Əlbəttə, bu komisyon və komitələrin indiki sülh və səlah komisyonları ilə çox az müşabihəti olmalıdır. Əvvəla, bu indiki komisyonların vəkilləri camaat tərəfindən baqajda seçilmiş həqiqi vəkil deyildirlər, bunlar Tiflisdə əl altında olan adamlardırlar ki, tutub hökumətin səlahidilə vəkil təyin edibdirlər. Sair məhəllə komisyonlarının vəkilləri isə, həmçinin, “Xudsər” vəkildirlər və saniyən, bu “vəkillərin qərəz və tərəfgirlikdən bəri və uzaq olmalarına heç bir kəs göz yetirməyir, onların tərəfgirləri isə indi hamıya məlumdur və saniyən bu “vəkil”lər iş görməkdə bir o qədər ixtiyar sahibi deyildirlər. Odur ki, hər nə səlah bilib, təklif ediblərsə də hökumət tərəfindən əməl olunmayıbdır. Bundan aşkardır ki, həqiqi və işə yarar komisyon təyin etmək üçün lazımdır ki: əvvəla, baş komisyonun vəkilləri bilavasitə camaat tərəfindən seçilsinlər. Camaat özü öz dərdbilənlərini və yaratanıyanlarını özü yaxşıca bilib də tanıyır, hökumət vəkil seçmək işinə müdaxilə etməsin. Saniyən, baş komisyonda hər iki tərəfin camaatı vəkillərindən savayı tərəfi-camaatdan da vəkillər olsun. Bu bitərəf vəkillərin hüzuru vacibdir ki, bunların diqqət və nəzəribitərəfanə və biğərəzanəsi sayəsində haman komisyonda (indiki komisyonda aşikar olunan), tərəfgirlik və qərəziliyin iyi və tozu da olmasın, bitərəf vəkillər məlumdur ki, gürcü camaatından olmalıdır, çünki bu vacib taifə bu qardaş qanı tökən iğtişaşa qarşı həqiqi ələm və kədərini izhar edib, həmişə səy edərdi ki, adilanə və münsifanə təriqilə bu biməni iğtişaşa və şurişə bir intiha çəksin və ya çəkilsin, adil və münsif gürcülərin gözündən heç bir provokator, heç bir cani yayınmaz, gürcü vəkilləri gürcü camaatı özü seçsin. Salisən, bu gunə təşkil olunmuş komisyona, provokator və caniləri tutub sud və məhkəmə ilə cəzasına yetirməkdə külli-ixtiyar verilsin və onların hər bir qərardadları bilatəxir təsdiq və icra olunsun. Rabiən, komisyonun əzaları hökumət ianə və maaşı ilə dolansınlar ki, onsuz da malı-mülkü dağılıb tükənmiş camaata zərər dəyməsin. Məhəlli komisyonlar isə həmin seçki qərarı ilə qurulmalıdır; lakin bitərəf vəkillərin hüzuru artıqdır. Bu komisyonlar isə baş komisyona tabe olmalıdırlar. Bu komisyonların əməl və rəftarından baş komisyona şikayət etməyə camaat muxtardır. Məlumdur ki, baş komisyon ilə məhəlli komisyonlar ümdə diqqətini provokatorların və canilərin əza və tovbixinə cəlb edib də bu iki tayfanın yenə ülfət və üns tutmalarına da vasitələri ilə səy və qeyrət etməlidirlər. Belə bir həqiqi sülh və müsalimət komisyonlarının vücudilə bərabər erməni sosial-demokratları və müsəlman ictimaiyyun-amiyyunları ittifaq və ittihad edib iki camaatı fələn dərrakə və qanacaq məqamına gətirməyi himmət etsələr ümid olunur ki, həqiqi sülh bir tez zamanda bərqərar və paydar olub, ətrafdan soxulmuş düşmənçilik bilmərrə puç və məhv olar və bu qədim dostlar əl-ələ verib, ümumvətən üçün xidmətə şüru edərlər və dəxi, ermənilər görərlər ki, elmsiz qonşuları indi iri-iri qədəmlər ilə irəliyə hərəkət etməkdədirlər. Kəsbi-hürriyyət və azadi işində onlara məmaniə deyil, müavin olarlar. Bədəttəhrir, ümidvarız ki, bu məsələyə dair sairlər dəxi öz təsəvvüratlarını izhar etməklə, ölkənin sülh və müsaliməti xatirəsi üçün ciddi tədbirlərin bir tez zamanda tətbiq və icrasına yardım edərlər. * * * Ordan-burdan 72 İran Rusiyanı yamsılayır Doğrudan da İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələb edir. Ona görə o da öz dövlətindən azadlıq tələb etdi. İran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı “qosudarstvennaya duma”, o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun “Ədalətxanə”. Rusiya camaatı tovlanmağını duyub, dövlətə bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax, özün bil, ya “Ədalətxana”nı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol. İran dövləti bilmədi ki, nə qayırsın. Çünki bu cürə təklifi gözləmirdi. Yenə baxdı ki, görsün qonşusu Rusiya dövləti nə cür tədbirlər görməkdədir. Rus dövləti isə camaatın üstünə hirslənib “qulaq burması” verməyə məşğul oldu. İran dövləti də qonşusunun bu tədbirindən xoşu gəlib indi bu saat öz camaatına “qulaqburması” verməkdədir. Lakin rus camaatının qulağı buruldusa da, burnu ovuldusa da, qılçı sındısa da, gözü çıxdısa da, başı əzildisə də, yenə bununla belə, Dövlət dumasını alıb, bir az dincəldi. İndi görək İran camaatı da bu ittifaqda rus camaatını yamsılayacaq, yoxsa, birinci qulaqburmasından sonra “Ədalətxanə”ni, filanı yadından çıxardacaqdır... * * * İran camaatı bu sözün üstündə bizdən inciməsin, nə deyim, bəlkə qulaqburmasına, filana baxmayacaqdır, amma nə olsun, Osmanlı camaatı qulaqburmasından qorxub, “Məclisi-məbusan”ın dadı damaqlarından getdiyinə görə istədilər yenə görsünlər ki, bir tövr ilə “Məclisi” geri ala bilərlərmi. Amma baxıb gördülər ki, xeyr, “Məclisi” sultan həzrətləri elə yerdə gizlədiblər ki, bir də üzünü görmək olmaz. Ona görə çox bikef oldular. Və axırda baş götürüb “Məclisi-məbusan”ı olan yerlərə qaçdılar. İndi onlar orada oturub, vətənin keçmiş gününü yada salırlar. Hərdən bir bu “şikəstə”ni oxuyurlar: Keçən günə gün çatmaz, Calasan günü günə! * * * “Keçən günə gün çatmaz, calasan günü günə!”. Bu da bizim müsəlmanların dar gündə virdi zəban edilən təsəllihlərindən biridir ha!.. * * * Ordan-burdan 73 “Osmanlı”, Üdəba və mühərriri zümrəsinə daxil olmağa layiqi olan bir “ədib”in hər həftə çıxan asari-qələmindən bir nümunəyi-imtisal: “Əfəndim, şu sözləri yazmaqda mənim muradım bütün aləmə kəndimin millətpərəstliyini bildirməkdir. Beləmi, əfəndim? Belə isə, qulaq asınız əfəndim! Şu gün mən şu sözləri yazıb şəhərimizin qoca qarunlarına deyirəm ki, ey qoca qarunlar, gəliniz mən sizə yol göstərim. Siz kəndi pulunuzu xərcləmək bilməyirsiniz. Beləmi, əfəndim? Belə isə çox gözəl əfəndim. Lakin bəs nə üçün şəhərin qoca qarunları mənim şu sözlərimə qulaq asmırlar, əfəndim? Görünür ki, mənə etina etmək istəmirlər, beləmi əfəndim? Belə isə yaxşı olmadı, şəhərimizin qocaları şu yanda dursun, əfəndim? Gəlin “cavanlar”ın üstünə; şu cavanlar heç mənim xoşuma gəlməyir, əfəndim! Çünki onlar heç bir şey qanmayırlar, beləmi, əfəndim? Belə olan surətdə o cavanların başından basıb qoymamalıyız ki, onlar mühərrir olsunlar. Onları hər halda müttəhim etmək lazımdır. Beləmi, əfəndim? “Əta olundu” sözü ilə “alındı” sözünə fərq qoymayan bir şəxs heç bir vaxt mühərrir ola bilməz, əfəndim! Amma qırx qəpiklik kitabı millətə bir manata satan adam əsil millətpərəst ola bilər, beləmi, əfəndim? Əlbəttə belədir, əfəndim? İştə, şimdi şu “qanmaz” cavanları zəmanəyə tapşırmalıyız, əfəndim və pul qazanmaqda mahir olan “millətpərəst”ləri öz-özümüzə yol göstərən ittixaz etməliyiz, beləmi, əfəndim? Beləmi, əfəndim? Belə, belə əfəndim!” Doğrudur, bu sözlərdən bir şey anlamaq çox çətindir. Lakin nə eləmək ki, Allah-taala bizi “qanmaz” yaradıbdır. * * * Mədəni ingilislərin vəhşi yırtıcılığı Rus qəzetələrini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən məəl-təəssüf xəbərdar oldum. “Liberalnı” adlanan ingilis qəzetələrindən “Tribyun” adlısı yazır ki, bu keçənlərdə ingilis əfsər (zabit)ləri Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdurlar. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda ingilis zabitlərindən, birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və 2 nəfərini qırmanc (qamçı) ilə döyüb əziyyət verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamısını qətl edibdirlər... Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun. Amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Nə tövr öldürür? Bir can əvəzində 6 nəfər can, arvadların ah-naləsinə, kişilərin yalvarmağına baxmayıb, dürlü-dürlü cövr və sitəmdən sonra öldürür! Harada öldürür? Misirlilərin sahibsiz qalmış öz vətənlərində. Təəccüb burasıdır: ingilis hökumətinin belə vəhşi yırtıcılığına azad və mədəni ingilis parlamenti, yəni ingilis camaatı bir söz belə deməyib, Rusiyada bir əmri əzim ucundan vaqe olan qırğınlardan ötrü Rusiya hökumətindən rəncidə olduğunu izhar edir... Görünür ki, mədəni ingilislərin yanında Rusiya yəhudiləri adamdırlar, amma Misir əhalisi dilsiz və ixtiyarsız heyvandır... Bu isə mədəniyyət üçün nə böyük bir istehzadır. Hürriyyət pərəstarı adlanan ingilis qəzeti hökumətinin belə bir vəhşi dirrəndəliyini yazıb da bu xüsusda bir söz də demir. 6 nəfər misirlinin ədalətsizlik ilə icra olunan qətli məzkur qəzetədən ötrü adi və etiraza layiq olmayan bir hadisə kimi görünür... Bu isə “liberalizm” sözünü ayaq altına salıb tapdala-maq deyilmi?! Bilirsinizmi, ingilisin Misir əhalisinin başına gətirdiyi bu cinayətlər Misir əhalisindən intiqam alıb, onu vahimə (terror)yə salmaqdan ibarətdir. Çünki misirlilərin meyli və məhəbbəti Osmanlı dövlətinə olub, qasiblərə qarşı qəlblərində yalnız bir nifrət bəsləyirlər. * * * Gələcəyi unutmayalım Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir. Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir. Gələcək qeydinə qalmayıb, vaxtlarını münaziə və münaqişədə keçirən knyazlar və hökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun təhlükəli kənarına yetirmişdilər. Lakin bəsirətli və istiqbali-milləti gözləyən mininlər, pojarskilər Vətəni o təhlükədən geri çəkdilər. Rusiyanın gələcəyinə can qurban edəcək qədər çalışan Pyotr Kəbirin səy və cəhdi sayəsində zəif Rusiya əzəmətli, qüvvətli, qonşu qorxuzan bir padşahlıq oldu. Gələcəyi üçün ciddi surətdə çalışmağa bel bağlamış Yaponiya bugünkü qüvvət, qüdrət və şöhrətə nail oldu. İranı bu təəssüflü hala salan istiqbala qarşı göstərilən soyuqluq və qeydsizlik deyilmi? Hər bir millətin bir gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündəndir. Biz indi görürük ki, bizim sələflərimiz bizdən ötrü nə tövr gələcək hazırlayıbdırlar. İçimizdə olan müxtəlif əməllər, fəna rəftarlar, axırımıza çıxacaq qədər bizi bezar edən pis-pis hərəkətlər hamısı sələflərimizin adətləri imiş ki, bu günə qədər içimizdə davam edib, tərəqqi və taalimizə böyük sədd olmuşdur. Əgər, sələflərimizin işlərinə dürüst diqqət edərsək, belə bir nəticəyə gələ bilərik ki, sələflərimiz bizi yox etmək, yer üzündən götürmək istəyirmişlər. Biz dəxi, əlbəttə, sələflərimizə iqtida edərsək, gələcək xələflərimiz üçün çox bir əsəfli istiqbal hazırlarıq ki, bəqasi məşkuk və dəvamı iştibahlı olar. Biz bu gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq. Biz elə bir meydan hazırlamalıyıq ki, övladımız orada kəsbi-qüvvət etməyə, bari, bizdən qalmış mümaniələrə düçar olmasınlar. Biz elə bir münbit yer hazırlamalıyıq ki, gələcək adamlarımızın əmin, arxayın yaşayıb da getdikcə tərəqqi və təkamülünə böyük bir təkan olsun. Biz indiyə qədr ömür sürmüşük, indidən sonra da ömür sürməliyik... Çifayda. İndi işlərimizə baxanda və indiki mövqeyimizi nəzərə aldıqda, gələcəyimizin halı çox məxşuş görünür. Rusiya inqilabı, ümumiyyətlə və erməni-müsəlman iğtişaşı xüsusilə bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırdısa da, görünür ki, bir dəfə göz açmağa ixtifa edib, təkrar mürgüləməyə başladıq... Başladığımız işlərin, bulunduğumuz təşəbbüslərin ən böyüyü idareyi-ruhaniyyə islahilə Dövlət dumasına vəkil seçmək idi. Bu böyük və ən mühüm işlərin ikisi də namüsaid olub, nəticələri də ikisi bir yerdə heçə bərabər oldu. Nə etməli? Təəssüf deməklə bir şey olmaz. Yaxşısı budur ki, keçmişdə göstərdiyimiz qeydsizliklər ilə bacarıb, nəfibərdar olaq. Hər halda çalışaq, lakin işə əhəmiyyət nəzərilə baxaq ki, çalışmağımızdan da bir şey hasil ola bilsin. Qonşuluğumuzda olan iki millətin gələcək üçün nə cur və nəzər ilə çalışmalarını görürük. Qonşularımız elm cəhətincə bizdən artıqdırlar. Onların qeyrət və himməti dəxi bizdən artıqdır. Bizlər də bunlar kimi ciddi surətdə çalışmasaq, yəqin ki, axırda bunların müqabilində heç mənziləsində qalarıq. * * * Ordan-burdan 74 Rus adamları Dövlət dumasında olan vəkillərindən tələb eləyirlər ki, onlar gedib, bilavasitə padşah ilə danışsınlar və ehtiyaclarını bilavasitə padşahın özünə desinlər. Ay ruslar, bəs biz müsəlmanlar nə edək ki, Dumaya göndərdiyimiz vəkillər padşah oyanda dursun, öz duma yoldaşlarının yanında da danışmaq istəmirlər. Və elə dinməz oturublar ki, guya ağız açsalar qiyamət bərpa olar. Onlara bir deyən yoxdur ki, ay vəkillər, axı belə iş olmaz. Sizi bura danışmağa göndəriblər, yoxsa Dövlət dumasına Qafqazdan “Nobar” göndəriblər? * * * Rusiyanın ən müəzzəm bir məhəllində, yəni Darüssəltənə Peterburq şəhərində millətlər vəkilləri cəm olub, hamısı (bizimkilərdən başqa) danışırlar, tələb edirlər ki, əhaliyə olan polis zülmü yox olsun. Rusiyanın, bu cəsur Rusiyanın, kənar guşələrinin birində, yəni Cəbrayıl uyezdində Davıdov adlı bir polis adamı vəkillər tələbinə, filanına baxmayıb, əlindən gələn zülmü heç bir müsəlmandan əsirgəmir. Kişi burada əyləşib iş görür: komitet düzəldir, adam öldürtdürür, rüşvət alır, soyğunçuluq, basqınçılıq etdirir, qərəz, Araz çayının bu tərəfində oturub, o tərəfindəki İran xanlarını yamsılayır. Görünür ki, oralarda hakim adlanan adam bir bu Davıdovdur. Qubernator, naçalnik, Qoloşşapov, zad, heç biri yoxdur! * * * Lənkəranda vaqe olan “drama”lardan biri. P r i s t a v (kəmali istirahət ilə oturub). Ux!.. Nə yaxşı dincəlirəm, bax buraya gələndən bəri çox kökəlmişəm (qarnına vurur). Bah, bah, bah! Bir az da burada qalsam, lap cırılaram! Özümün kökəlməyim oyanda dursun, cibimin kökəlməyi məni çox... xa, xa, xa “uspakayevat eləyir”. U r y a d n i k (tələsik daxil olur, özü də qorxudan sapsarı saralıbdır). Barin! Razboyniki napali, çto nam delat? (Yəni quldurlar hücum edibdir, biz nə qayıraq?). P r i s t a v (lap arxayın). Poskarey vı i kazaki spryaçtes kuda nibud v podval. A musulmani qonite srajatsya s razboynikami! Pust ix!.. Yəni, siz və kazaklar zirzəmidə, zadda gizlənin, müsəlmanları da qovun ki, gedib, quldurlar ilə dalaşsınlar!? Habelə! * * * Dövlət şurası İndiyə qədər Dövlət şurası sarıdan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb səs çıxarmağa utanırdı. Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu gunə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb dumaya “afərin” deməli idi, ya razı olmayıb etiraz etməli idi. Dövlət şurasındakı adamlar bürokrat və zəngin adamlardan ibarətdir. Şübhə yoxdur ki, bürokratiya və burjuaziyanın ziddinə çalışan Dövlət dumasının qərardadları Dövlət şurası əzalarına xoş gələ bilməzdi. Bununla belə dumada elə bir “bitərəf” məsələlər keçir ki, Dövlət şurasının ona heç bir sözü ola bilməz. Əlbəttə, şuranın hərəkətə gəlib, deyib danışmağı duma üçün bir o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli olsa da ancaq, o səbəbdən ola bilər ki, həmin şura danışıb öz təşəbbüsatını bəyan etdıkdə, duma onun özü üçün bir mərtəbə böyük bir maneə təşkil etdiyini anlayıb, rəfinə ciddi tədbirlər arayar... Bu günlərdə Dövlət şurası hərəkətə gəlib, danışmağa başlayıbdır. Dumada çoxdan bəri müzakirə olunmuş məsələlərdən edam cəzası (ölüm tənbehi) xüsusunda Dövlət şurasının müzakirəsi olubdur. Rus qəzetələrinin müxbirləri bu məclisin iniqadlarını yazırlar: bunlardan məlum olur ki, bu məclisin və dumanın hərəkətində böyük fərq vardır. Dumada olan şənlik şurada tapılmaz, burada, guya, hamı əzaları kəsalət basıbdır. O hirs, o zövq ki, duma əzaları izhar edirlər, şura əzalarında bilmərrə yoxdur. Əvvəlki iniqadlarda əzalar hətta yığılmaq da istəmirmişlər. Dumada olan kimi, şurada da əzalar üç tərəfə bölünübdürlər. Məlum olduğu üzrə, Dövlət dumasında edam cəzası xüsusunda qanun layihəsi tərtib olunub, bütün duma bir səslə qərar qoydular ki, daha bundan sonra Rusiyada edam cəzası fəsx olunsun. Dövlət şurasının sol tərəfi bu xüsusda duma tərəfindən tərtib edilmiş layihəni bəyənib, başdan-ayağa qəbulunu tövsiyə edibdirsə də sağ tərəf buna razı olmayıbdır. Və edam cəzası baqi olsun – deyə təkid edibdir. Bəziləri isə edam cəzasının ancaq bir-iki istisna olunan ittifaqlarda icrasını və sair ittifaqlarda da fəsxini lazım bilibdir. Hər halda, bu məsələnin həllini öz aralarında təşkil ediləcək bir komisyona həvalə edib, layihəni mübahisəsiz qəbul etməyibdirlər. Görək komisyon nə qərar qoyacaq. Və şuranın özü də sair məsələlərdə duma ilə nə yolda ittifaq edəcəkdir. Dövlət şurasında bir nəfər də müsəlman üzvü yoxdur. Şuranın əhəmiyyəti artarsa, bizə lazımdır ki, orada bir müsəlman üzvünün də olunmasını iltimas edək. * * * Ordan-burdan 75 Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir. B i r i: İşlərimiz xarabdır, bu gün, sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. İndidən bir tədbir görmək lazımdır... O b i r i: Əcəb işlərim düz gətirməkdədir, ha! Bu gün-sabah Mariya Qriqoryevna da gəlir. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur... B i r i: Su da kəsilibdir. Alış-veriş yox, dükançılar hamısı əli qoynunda qalıblar, taxılı dolu döyüb, qalanını çəyirtkə yeyib, qış üçün bir buğda da qalmayıbdır... nə tövr olacaq? O b i r i: Filan düşmənim öldürülüb, arada söz, hekayət də yox, mən ilə çəkişən adamların hamısı burunlarını sallayıblar. Qabağımda bir adam da qalmayıbdır... Necədir, məyər? B i r i: Görünür ki, bizim axırımız yetibdir vallah! Heç bir işimiz düz gətirmir....İdareyi-ruhaniyyəmizi düzəltmək üçün məclis qurduq, birisi məclisi qovub dağıtdı ki, əşi, nə məclis-bazlıqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışsınlar, gedib, orada yıxılıb yatdılar. Görəsən kim qarğayıbdır? O b i r i: Görünür ki, indi dövran mənimkidir. Sən öl, işçilərimin hamısı mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum – dönüb bir-birinə düşmən oldular. Mariya Qriqoryevnanı özümə mayil etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh olub, dedilər ki, ta biz pəs, hər nə bilirsən elə. Biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da güllələyib, başımdan elədim... Bəs mənim baxtım oyanıbdır. B i r i: Eh, gələcəyi yada salmayanlar! Axırki peşmançılıq fayda verməz ha!.. Qabağınız uçurumdur. İndidən özünüzə bir özgə yol axtarın. Yoxsa bir az keçməz ki, məhv olarsınız. Dünyada adınız da qalmaz. Neçə ildir ki, xabi-qəflətdə yatıb, dünyadan bixəbərdiniz. Gələcəyin qayğısını çəkmirdiniz, barı, heç olmazsa bu əlinizdə olan 5 gündən nəfibərdar olun ki, axırınız bir şeyə çıxsın!.. Doğru deyib Sədi ki: Ey ki, pəncah rəftə dərxabi! Məgər in pənc ruze dəryabi? O b i r i: Ey dünya qayğısında olanlar! Vallah axırda peşman olacaqsınız ki, əbəs yerə bu nə qayğı idi ki, çəkirdim!.. Qabağınız ölümdür, indidən kefinizi çəkin, ləzzət aparın, yoxsa, bir az keçməz ki, ölüm yetişər, dünyadan kamsız gedərsiz. Neçə ildir ki, baş-diş ağrısı ilə əlləşib vuruşubsunuz. Barı heç olmasa, bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın! Doğru deyib Sədi ki: Ey ki, pəncah rəftə dərxabi! Məgər in pənc ruzə dəryabi? Vallah, nə yabi?! * * * Yenə erməni-müsəlman Sülh komisyonu xüsusunda “İrşad”ın keçən nömrələrində “Halımıza dair” və “Bir tədbir lazımdır, ya yox” sərlövhəli məqalələrdə biz, canişini-Qafqaz hüzurunda təşkil olunmuş erməni-müsəlman sülh komisyonunun (üzvlərinin bir yandan tərəfgirlik və bir yandan hümmətsizliklərindən naşı) sülhçiliyə layiq olmadığını yazmışdıq və bu komisyonun islahı üçün öz tərəfimizdən bir para təsəvvürat izhar edib də sairələrinin də bu mühüm məsələyə iştirakını iltimas etmişdik; görünür ki, həmin bu məsələ xüsusunda məzkur erməni-müsəlman komisyonunun üzvü cənab Məhəmmədağa Şahtaxtinski imiş, lakin məəttəəssüf cənab Şahtaxtinskinin yazdığını (məqaləsi çap olunmuş qəzetə bağlandığına görə) biz görə bilməmişik. İndi, cənab Məhəmmədağa Şahtaxtinski “Maddənin hal-hazırından”, “Qafqaz müsəlman qardaşlarımıza məlumat verməyi” özünə borc bildiyindən “İrşad”ın 158-ci nömrəsində də bu məsələ xüsusunda bir məktub yazıbdırlar. Cənab Məhəmmədağa Şahtaxtinskinin bu məktubu artıq əhəmiyyətlidir. Bu məktub doğrudan da “Maddənin hal-hazırından” bizi və “Qafqaz müsəlman qardaşlarımızı” xəbərdar etməklə bərabər, bizim erməni-müsəlman sülh komisyonuna qarşı ibraz etdiyimiz ittihamatın da həqq və səza olduğunu təkid və isbat edir. Məlum olduğu üzrə ittihamatımızın bir qismi də cənab şahtaxtinskilərin boynuna düşürdü və (məəttəəssüf) indi də düşməkdədir. Çünki cənab Məhəmmədağanın bu məktubu ondan ötrü bir töhmət ola bilməz zənn edirik. Dürüst mülahizə edəlim: Canişini-Qafqaz hüzurunda millət vəkillərinin daimi bir məclis qurmaqları bütün qafqazlıların şiddətli arzularından biri olmalıdır, çünki millət işlərində millətin öz vəkilləri vasitəsilə işə müdaxilə və iştirak etməkləri nə qədər millət üçün nəflidir – hamıya aşikardır. Cənab Şahtaxtinski özləri də bunu iqrar edib, bu məclisin lazım və əlzəm olduğunu söyləyibdir. Lakin təəccüb burasıdır ki, cənab Məhəmmədağa bu zühura çıxarılan, bütün bir milləti təhqir edəcək dərəcə narəva və insafsız hərəkətləri görüb də, bütün Qafqaza təsir edəcək mərtəbədə şiddətli etiraz edib, qiyamət qoparmaq əvəzində gedib, Tiflis müsəlmanlarına şifahən şikayət etməklə bərabər bir də “Qafkazski herold” qəzetində ki, müsəlmanların ondan xəbərdarlığı yoxdur, bir bəyannamə yazmaq ilə iktifa edibdir. İndiyə qədər, məzkur erməni-müsəlman komisyonunun narəva işlər görməsi ucundan biz müsəlmanların haqqında olan zülm və zərərə cavabdeh kim olur? Haman o narəva işləri görüb də sükut ixtiyar edən adam kimdir? Cənab Şahtaxtinski özləri yaxşı bilir ki, bizim millət erməni milləti kimi huşiyar deyildir. Milləti hümmətsizlikdə qınamaqdan əvvəl himmət göstərilməsinə möhtac olan bir əmrin nəfini camaata bildirməlidir. Bu da camaat işinə girişməyə qədəm qoymuş Şahtaxtinski kimilərin vəzifəsidir. Bizim millət ayılıbdır, yəni öz təhlükəli halını düşünübdür, lakin nicat yolunu tanımayır və özü də çaşmış qalıb, nicat ümidilə, iztirab ilə ora-bura baxır və bir qədər nicat işığı görünən yerə kəmal, etibar, etimad ilə hirsli-hirsli özünü atır; lakin görürsən ki, bədbaxtlıq üz verib, nicat işığı gələn yer özü də qorxulu bir uçuruma dönübdür... Millət bir xovf və həras ilə geri çəkilib, etibar və etimadını hər şeydən kəsir. Hər halda cənab Şahtaxtinskinin bu bəyannaməsi (razoblaçeniyası) camaatımızdan ötrü son dərəcə əhəmiyyətlidir; çünki, xalqımızın gözünü açır və bildirir ki, “hər millətpərəst”, “hər millət başçısı” adlanan yalançı pəhləvanlara etibar və etimad edib, məişətimizin yüngüllüyü üçün ittixaz olunan böyük-böyük əmrləri onlara tapşırmaq olmaz və bir də hər böyük əmrdə camaatın öz həqiqi başçısına yardım və müavinəti lazımdır, çünki bu həqiqi başçı, məhz, camaatın xeyri üçün çalışandır. * * * Ordan-burdan 76 Biz gözləyirdik ki, bugün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi... Yazıq Duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı... İndi kim sevinir, kim dəmlənir, kim gülür, kim ağlayır? Kim məraminə çatdı, kim ümidindən məhrum oldu? Kim kimi təhqir edir? Kim kimi masqaraya qoyubdur. Kim deyir ki, uxxay! Kim deyir ki vay? Kim qorxur, kimin qəzəbi tutubdur? Kimin ürəyi fərəhləndi, kimin könlü bulandı və başı gicəlləndi?.. Duma buraxıldı... Amma, Allah bizim vəkillərə insaf versin. Bizi xuliqan bilib buraxdılar... İşin həqiqəti – açılmağına fürsət qalmadı. İndi 8 ay gözləyək ki, tazə Dumada tazə müsəlman vəkilləri tazə əhvalat danışıb, tazə iş görəcəklər. * * * Əslinə baxsan, indi, bu saat hamı tazə iş görmək həvəsindədir. Amma heyif ki, tazə bir şey çıxarda bilməyib, ancaq köhnə şeyi tazələndirirlər. Bilirsiniz bu nəyə oxşayır? Bu ona oxşayır ki, görürsən birisinin tazə çuxası köhnəlir, nimdaş olur, bu isə çuxa sahibinə xoş gəlmir, çünki köhnə çuxa onu gözdən salıb, etibar və etimadını azaldıb. Bəs necə olsun?.. Pul yoxdur ki, tazə çuxa alsın... Çuxa sahibi fikir edir və çuxasının tazələnməsi üçün tədbir axtarır və axırda da bu tədbiri tapır. Çünki əbəs yerə deyilməyibdir ki, “axtaran tapar!” Nə qayırır? Heç nə, çuxasını götürüb, o biri üzünə çevirir... Doğrudan da baxırsan ki, çuxa tazə görünür, amma səd heyf! Bir az keçmir ki, çuxanın o biri üzü əsil əsassız olduğuna görə, tez saralıb, əvvəlki üzündən də pis görünür və didilib axırda çuxalıqdan da düşür. O surətdə sahibi çuxa naəlaclıqdan çuxasına rəng vurur, əlvan rənglərə boyuyur, amma yenə də fayda vermir. Yazıq çuxa, mərəzi-bidəvayə giriftar olmuş naxoş kimi getdikcə əldən düşüb, axırda adam arasına çıxartmalı olmur. O surətdə bilirsinizmi çuxa sahibi nə qayırır? Çuxalıqdan düşmüş “çuxasını” çıxardıb qab dəsmalı qayırır. * * * Ordan-burdan 77 Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir: – Allahın altında, adam gələcəyi bilə idi! O b i r i s i: Necə? Ə v v ə l k i: Əşi, necə!.. Heç olmasa, onda dumanın bu tez zamanda buraxılacağını bilib ürəyimizdə olanı danışardıq. B i r i s i: Əşi, vallah, mən bilsə idim ki, duma bağlanacaqdır, danışmaqda fitil-fitil əsərdim, heç kəsə macal verməzdim, lap Aladini də ötərdim. B i r d i g ə r i: Adə! Mən bilsə idim ki, duma bağlanacaqdır, məgər qoyardım ki, Petrosyan müsəlmanlar haqqında bir böhtan söyləsin? Sən nə fikir edirsən, əgər mən bilsə idim ki, duma buraxılacaqdır... Daha nə deyim, “hamı tayfadan məzlum biz müsəlmanıq” – deyib Tavriçeski dvoresə bir qışqırıq salardım ki, gəl tamaşa elə! Amma nə qayırım ki, dumanın bu tezliklə bağlanacağını bilmirdim... B i r a y r ı s ı: Sözün doğrusu, mən çox bir utancaq adamam, nə qayırım. Valideynim mənə belə tərbiyə veriblər ki, utandığımdan ürəyimdə olan sözü də açıb deyə bilmirəm, amma bainhəmə, hərgah dumanın bu tezliklə bağlanacağı mənə əvvəlcə məlum olsa idi, mərd-mərdanə deyirəm ki, utancaqlığı-zadı kənara tollayıb, o ki var danışardım, əhalimizin bütün ehtiyacatını lap “naxalnim obrazom” söylərdim. Mən qorxaq deyiləm, ancaq mənim ağzımı yuman bu yerə batmış utancaqlığım oldu... Nə qayırım?! Bunların başçısı ki, onun əyləşdiyi kreslonun nömrəsi, başçının zirəkliyinə görə, hamıya məlum olmuşdu, dedi ki, əşi, bu danışıqlar nəyə lazımdır, canım. Dumada atılıb düşməklə iş görmək olmazdı. Çox o yan-bu yan elərdin, Allah göstərməsin, axırda tutub qazamata soxardılar! İnsan gərək elə dolansın ki, nə şişi yandırsın, nə də kababı. Bir də mən sizə bir söz deyim, durub hökumətin ziddinə danışardın, hökumət səndən inciyərdi, durub Petrosyanın-filanının ixtiralarına rədd cavab deyərdin, ermənilər səndən narazı olardı; doğrudur, danışmayanda da müsəlmanlar narazı olurlar, amma iş buradadır ki, qoy səndən təki müsəlman narazı olsun, nəinki hökumət və ya erməni tayfası! Onun da səbəbini siz özünüz bilirsiniz... Qərəz insan gərək bu cürə politikaları əldən buraxmasın, yoxsa, axırda peşman olar. Vallah, budur sizə, açıq-açığına deyirəm ki, mən bu saat min-min şükürlər eləyirəm ki, nə yaxşı, durub dumada ağır sözlər danışmamışam!.. Belə danışırlar ki, başçının bu gunə “nəsihətamiz” sözləri sairələrinin də əqlinə batıb, onlar üçün böyük bir təsəlli olubdur... * * * Bəs bizim təsəllimiz nədir? Bizim də təsəllimiz odur ki, Dövlət duması, biz üçün bir ibrət kitabı idi ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və indi də o “kitab” yumulub, bizə fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın. Görək bizdə o şüur olacaqdır ki, aldığımız dərsi yadımızda saxlayıb, ondan nəfibərdar olaq!.. * * * Dövlət Dumasının buraxılmasına dair Məlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin, söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edirmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz; lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da əhali arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu; şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüquunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır; çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı. Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Fillandiyaya gedibdirlər. Rusiya inqilabından məramınca nəfibərdar olmuş və istədiyini alıb da rahət oturub, sair istiqlal arzusunda olan ölkələrdən ötrü sərmayeyiqəbtə olmuş bu Finlandiya, azad və xüsusi bir məmləkət olduğuna görə şikəstəxatir vəkillər üçün pənah məkanı olubdur. Vəkillər burada Finlandiyanın Vıborq şəhərində cəm olub, əhaliyə bir xitabnamə yazıbdırlar və hamısı (sağ tərəfdən ola qraf hədidəndən səva) bu xitabnaməni imzalayıbdırlar. Vəkillər bu xitabnamənin əhali arasında intişarına müvəffəq olacaqdırlarmı? Məlum deyil, hər halda, bu xitabahnamənin məzmununu onsuz da anlamaq hər kəscə mümkündür. Teleqramlardan anlaşılır ki, azad və xüsusi bir məmləkət ədd olunan Finlandiya yenə də Rusiyanın bir parçası olduğuna görə oraya yığılmış vəkillər üçün müsaid bir pənah məkanı olmayıbdır. Vıborqun qubernatoru vəkilləri xəbərdar edibdir ki, daha bir də ictimayə yığılmasınlar və Vıborqun idarəyi-ürfiyəi-əsgəriyyə (voyennoye polojeniye) təhtinə alınacağını vəd edibdir. Bu hal, vəkillərin öz aralarında ixtilaf vardır. Həmişə ehtiyat və hətta intizar ilə dolanan “kadet” firqəsi daha bundan sonra millət vəkili adlanmağa haqq və səlahiyyəti yoxdur, – deyə bu nami öz üstündən atıbdır. İfrat dərəcə cüzi olan zəhmətkeşlər firqəsi isə ikinci duma yığılanadək millət vəkili olduğunu elan edibdir. Dumanın açıldığı gündən etibarən bağlandığı günədək camaat üçün bir yüngüllük istehsal etməyə müvəffəq olmadığını camaat görürdü və gördü. Bainhəmə dumanın açılıb da, millət xeyrinə çalışdığı camaat üçün böyük təsəlli idi, indi duma buraxılandan bəri bu təsəlli itibdirsə də, bir mülahizə bu itmiş təsəllinin acılığını bir qədər əksildir. Belə ki, hökumət, dumanın iniqadında islahata dair ibraz olan tələblərə baxmayaraq, öz işini öz başına görməkdə idi. Duma bağlandıqdan sonra da hökumətin həmin rəftarı həmin tərz ilə davam edəcəkdir. Hərgah hökumət tərəfindən əhaliyə qarşı şiddətli tədbirlər ittixaz olunacaqdırsa da, bu da onun üçün olacaqdır ki, hər bir şuriş və iğtişaş qabaqlanıb inqilab əlamətləri puç olsun. Hər halda, ikinci dumanın sakitlik və rahətlik ilə gözlənilməsi məmuldur. İkinci duma üçün hökumət tərəfindən ibraz olunacaq hazırlıqlar, Rusiyanın bütün əhalisinə bilatəfriq millət, sinif və silk anladar ki, görək hökumət bu dumanı bəyənməyib ikinci bir duma qurmaqda millətin xeyir və mənafeyini nədə görür və nə qədər bu xeyrə çalışır. * * * Üçüncü Rusiya müsəlman ictimainə dair Qəzetələr verdiyi xəbərə görə (Nijni Novqorod) da Rusiya müsəlmanlarının üçüncü məclisi olacaqdır. Bu məclisə Rusiyanın hər tərəfindən müsəlmanlar cəm olub, əz hali-hazırələrini mövqeyi-müzakirəyə qoyacaqdırlar. Bu, müsəlmanların ictima qurub, əz ümumi dərdlərinə dərman aramaq üçün icra etdikləri üçüncü təşəbbüsdür. Müsəlmanların keçmiş ictimalarına dövlət izn vermişdisə də sonra nədənsə mane olub qoymamışdı ki, ictima bir müəyyən qərardad tərtib edə bilsin. Ümid var ki, müsəlmanların bu üçüncü təşəbbüsü dövləti heç bir suifikrə salmayıb “bilaməmani”ə icra olunar. Şəksizdir ki, Rusiya müsəlmanlarının bu gələcək ictimai ümumi olacaqdır. Yəni bütün Rusiyanın hər yerindən və bizim Qafqazdan da oraya vəkillər gedib, ehtiyacati-ümumiyyəmizin müzakirəsində iştirak edəcəkdirlər. Bu ictimaın biz Ümumrusiya müsəlmanları üçün ən böyük faydası olacaqdır ki, Rusiyanın müxtəlif yerlərini iskan edən müsəlmanlar öz nümayəndə və vəkilləri vasitəsilə bir-birilə görüşüb, danışıb, öz aralarında əbədi bir irtibat qoymağa səy edəcəkdirlər. Bu halda Sibirya və Orta Asiya müsəlmanları ilə Orta Rusiya müsəlmanları arasında olan irtibat biz qafqazlılar ilə ora müsəlmanları arasında yoxdur desəm yalan olmaz. O vaxt ki, Rusiyada ümum müsəlmanların yalnız bir qəzetəsi var idi və o qəzetə də Qafqazda, Bakı şəhərində nəşr olunurdu. Qafqaz müsəlmanları ilə Rusiya müsəlmanları arasında ittifaq və irtibat əlamətləri dəxi var idi. Qafqazlı və rusiyalı müsəlmanlar bir-birinin ehtiyacatından xəbərdar, bir-birinin qəm və fərəhindən hissəyab olurdular: Birinin ittifaq və ittihadı andıran sözlərinə digəri can və dil ilə haman sözləri cəvabən deyirdi. İndi isə Rusiyada müsəlman qəzetələri çoxaldıqdan sonra, hər kəs “öz əli öz başı” olub bir-birlərinə baxmaq da istəmirlər. Ümum müsəlmanlara münasibəti olan ehtiyaclar bütün qəzetə sütunlarında yazılır, müzakirə edilir. Lakin nə o tərəf və nə də bu tərəfin yek-digərinin xüsusi ehtiyacatını nəzərə almayır, bu ehtiyacatların rəfi xüsusunda dil bulamayır, bildiyi çarələri təklif etməyir... Zənnimcə, Qafqaz, Rusiya qəzetələrindən ötrü böyük və əhəmiyyətli bir sərmayəyi-mübahisə və mükalimə olan kimi, bizim Rusiya müsəlman qəzetələrindən ötrü də oylə olmalıdır. İki-uç ildir ki, Qafqazda vaqe olan hadisat ənzari-əçanabi özünə cəlb etməyə bilmədi. Rusiya müsəlman qəzetələri isə guya Qafqazdan üz döndəribdirlər. Yaxud qan meydanına dönmüş Qafqaz barəsində bir şey yazmağı, bir təsəvvür izhar etməyi lazım bilməyirlər. Doğrudur, Qafqaz qəzetələri dəxi Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı haqqında bir o qədər qələm çalmayırlar. Lakin iş buradadır ki, Rusiya müsəlmanlarının xüsusi ehtiyacatı, Ümumrusiya müsəlman ehtiyacatına qərib bir halda olarkən Qafqaz müsəlmanlarının xüsusi ehtiyacı bir bəlayi-nagəhandan ibarətdir. O bəla ki, onun üstündə binəva Qafqaz müsəlmanlarının əleyhinə bütün Rusiyada və hətta məmaliki-əcnəbiyyədə dəxi min cürə böhtanlar, iftiralar yazmaqla onsuz da hər bir hüquqdan məhrum olub yazıq qalmış müsəlmanları daxildə gözdən saldılar və axırda o məqamə yetirdilər ki, Rusiyada sakitlik sevən və rahatlıq tərəfdarı ədd olunan sadədil müsəlmanlar fəsadçılara layiq olan tənbihatə giriftar oldular... Əsasən, Qafqazda vaqe olan bu hadisat dillərdə söylənən və böyük əhəmiyyətə layiq olan bir əhvalat olub da Rusiya ilə Qafqaz müsəlmanları arasında mətin bir irtibat törədə bilərdi, ancaq istifadə etmək lazım idi. Gözdən qoymamaq icab edərdi, bu da ki, qəzetələrin vəzifəsi idi. Ümidvaram ki, Rusiya müsəlmanlarının bu üçüncü ictimai başa gəlib öz müəyyən qərardadilə ən əvvəl, yalnız bir Qafqaz deyil, Rusiyanın sair müxtəlif yerlərində sakit olan müsəlmanlar arasında davamlı və möhkəm bir irtibat qoyar ki, bunlar bir vətəndə ola-ola yek-digərinə biganə görünməsinlər. * * * Məktəb məsələsi və F.A. cənabları “Məktəb məsələsi” ünvanı ilə yazdığı bu ikinci məqaləni əvvəlincisinə mabəd surətində yazacaq idim. Çünki dərmiyan etdiyim məsələyi-mühimmə xüsusunda öz təsəvvüratımı izhar etməyi vəd etmişdim. Lakin (F.A.) rəfiqimizin “Yüz ildir getdik və əlx” məqaləsi bizi bu məsələdən bir haşiyə çıxarmağa məcbur etdi. Həmin bu “məktəb” məsələsinə bihəqqin aşına olan (F.A.) rəfiqimiz kimi mühərrirlərimizi biz qaldırdığımız məsələ xüsusunda öz təsəvvürati-qiymətdaranələrini yazacaqlarını biz kəmali-intizar ilə gözləyirdik. Lakin bu “Yüz ildir getdik və əlx” kimi məqaləni heç gözləmirdik, hətta yuxumuza da girməyirdi. Amma doğru deyirlər ki, “İş olanda olur”. Bizi artıq məyus və mükəddər edən odur ki, (F.A.) rəfiqimiz yazdığımız məqaləni dürüst oxuyub, fikrimizi anlamaq əvəzində, məqaləni nə səbəbdən isə təhrif və fikrimizi təğyir etməyi səlah görübdür. Məsələn, mən yazmışam ki, “Dilimizin heç bir imtiyazı yox və kəsbiruzi vasitəsi də yalnız, bir rus dilidir... Aşikardır ki, bütün camaatı ana dilində olan məktəblərə təşviq və tərğib etmək üçün o məktəblərdən gözlənicək maddi təminatı indidən təmin etmək lazımdır. Bu bir çox mühüm məsələdir ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır”. Amma (F.A.) rəfiqimiz mənim bu sözlərimi dəyişdirib, əvəzində bunu yazıbdır ki, guya mən böylə demişəm: “Dilimizin heç bir imtiyazı yox və kəsbi-ruzi vasitəsi də yalnız bir rus dilidir... ki, mərifət və mədəniyyətimiz, zənnimcə, yalnız bir bundan asılıdır. İnsaf yahu! Bu, buna bənzər ki, məsələn, birisi bir məqalə yaza və o məqalənin bir yerində qeyd edə ki, “namaz qılmaq vacibdir” və haman məqalənin digər bir yerində yaza ki, “adam öldürmək haramdır”, sən də binəvanın “namaz qılmaq” ilə “haramdır” sözlərini bir-birinin yanına yazıb deyəsən ki: Ay camaat, filan adam yazır ki, namaz qılmaq haramdır! Və sonra da bir qədər istehza yazıb “oxucu qardaş”ı da köməyə çağırasan... “Oxucu qardaş” özü gördü ki, (F.A.) bəradərimiz haman bu tövr edibdir. Ancaq bilmirəm ki, bunu “oxucu qardaş”ları güldürmək üçün edibdir, yoxsa bu cürə anlayıbdır. Hər halda özgələrin rəy və təsvirinə qarşı bu ehtiramsızlığı mən heç vaxt özümə layiq bilməzdim... Hələ bu dursun. (F.A.) bəradərimizin bir hərəkəti məni hamıdan artıq təəccübləndirir ki, rəfiqim mənim məqaləmi təhrif elədiyi bəs deyilmiş kimi, məqalədə ifadə etdiyim bütün fikrimə də təğyir verib üstündən də bir etiraz yazır və kəmali-yəs ilə bu sözləri də axırda deyir: “Xülasə, məqalədən boylə anladım ki, (??) indiyədək qəzetələrdə yazılan “milli məktəblər”, “ana dili” və qeyri sözlərin hamısı boş-boş sədalər imiş, bürokratların əlindən xilas olmuş məktəbləri yenə dübarə onlara vermək istəyirlər (!) və əlx”. Lap aşikar görünür ki, bəradərim (F.A.) özgənin fikrini bu gunə təğyir edib mətbuata salmağı bilmərrə muğayiri-ədib hesab etməyir. Mənim məqaləmdə ifadə etdiyim fikrim budur ki: “Əlan rus ibtidai işkolalarında oxuyan uşaqlar oranı ikmal etdikdən sonra sair böyük işkolalara girib, təhsillərinə davam edə bilərlər və yaxud haman ibtidai məktəblərdə oxuduqlarına iktifa edib rus dilinin bərəkətindən bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Amma müsəlman ibtidai məktəbi olsa, onu ikmal etmiş şagirdlər nə böyük işkolalara girə bilərlər, nə də bir iş tapıb kəsbi-ruzi edə bilərlər. Ondan ötrü indidən fikir etmək və çalışmaq lazımdır ki, gələcəkdə açmaq fikrində olduğumuz müsəlman məktəbləri, axırda şagirdlərə maddi bir kömək verəcəyindən xalqı ümidvar edə bilsin ki, camaatımızın hər bir sinfi uşaqlarını müsəlman məktəblərinə qeyd etməyə şövqmənd olsunlar”, vəssəlam. Mənim fikrim budur ki, əvvəlimci məqalədə yazmışam və müsəlman məktəblərindən axırda kömək çıxartmaq məsələsi xüsusunda da öz təsəvvüratımı söyləyəcəyimi vədə vermişəm. Məktəblərin bürokratlar əlinə verilməsini arzu etməmişəm, “milli məktəb” və “ana dili” boş-boş səda olduğunu söyləməmişəm. Rəfiqimiz (F.A.)nın bu gunə nalayiq sözləri mənə isnad verməsi çox təəccübdür. Şayani-diqqət burasıdır ki, (F.A.) əfəndi yazdığı məqaləsində ana dilini və milli məktəbləri guya müdafiə edib, axırda ana dilinə və milli məktəblərə dair kutahbinanə və təəssüf ediləcək dərəcə dairəsi təng olan nəzərini dəxi meydana çıxarır. Rəfiqimizin ağzı dolusu söylədiyi “ana dili” və “milli-məktəbi” və bu xüsusda qopardığı qiyamətlər və hay-huylar, bilirsiniz nədən ibarətdir? İçində müəllim olduğu russko-tatarski işkoladan ki, orada həm rusca və müsəlmanca oxunur!.. Əfəndim, bəradərim! Əgər “ana dili” və “milli bir məktəb söyləməkdə muradınız vaqe”də yalnız russko-tatarski işkolalardırsa... bu əqidənizə də şərik deyiləm, çünki bu mühüm məsələyə mən vase nəzər ilə baxmaq istəyirəm. Mən milli məktəb ona deyərəm ki, orada bütün elmlər öz ana dilimizdə tədris olunur. Rus dilinin bu elmlərə dəxli, təsərrüfü yoxdur. Rus və müsəlman işkolasını ibtidai ana dilli məktəb hesab etmək, zənnimcə, dilimiz və millətimizi təhqir etməkdir. Əfəndim, əgər siz bu məsəldə ermənilərə təqlid edirsinizsə, siz də gərək bu əqidədə olasınız. Çünki ermənilərin nəinki, yalnız ibtidai milli məktəbləri, hətta üç kilisa da ali məktəbləri dəxi vardır. Gələcək məqaləmizdə ana dili və milli məktəblər xüsusunda bir qədər vəsi surətdə yazmağı dəröhdə edib də əlan bunu kəmal heyrət və təəccüblə əlavə edirəm ki, (F.A.) rəfiqimizin “ana dili” və “milli məktəbi” (ki onu müdafiə etmək üçün, hətta həqiqəti gizlətmək istəyir) yalnız bir russko-tatarski işkolalardan ibarət bilməsi hamısından bədtərdir! Çox təəssüflər olsun! Rəfiqimizin bütün məqaləsi başdan-ayağa “subyektivno” yazılmış bir şeydir. Rəfiqimiz ana dilini və milli məktəbləri, guya, müdafiəyə qalxır, bunun üçün bu vasitəyi-nicatımız olan dilə məktəbə dair mənim ifadə etdiyim fikir və nəzərimi kəmali-ehtimam ilə gizlədib, əvəzində mənim başıma vəhşiyanə və divanələrə mənsub bir əqidə soxub onu da xalqa bildirir və özü də tənqid eləməyə başlayır, yəni məni dəli ələ salır və bu hərəkəti də özünə layiq bilir. Lakin o bir tərəfdən də ana dilinə və milli məktəblərə dair həqarət ilə baxdığı nəzərini ifadəyə məcbur olur. Rusca bilməyin kəsbi-ruzi üçün bir mənbə olduğunu rəfiqim inkar edir və halonki özü rus dilinin sayəsində kəsbi-ruzi edir. Bu həqiqəti danıb da özünü bir maska altında gəzmək üçün köhnə tərzi-idarənin pisliyindən dəm vurur. Daha bunu bilməyir ki, rus dilinin kəsbi-ruzi mənbəyi olduğu bir ayrı məsələdir və köhnə tərzi-idarənin də pisliyi özgə bir məsələdir. Qafqazın imtiyaz və istiqlalına gəldikdə rəfiqim uşaq kimi danışır, deyir ki, Qafqaz kəsbi-imtiyaz etsə də yenə rus dilinə möhtac olacaqdır. Mən bunu inkar etməyirəm. Ancaq Finlandiyada da rus dili istemal olunur, bainhəmə bütün müəssisələrində, divanxanalarında, dəftərxanalarında öz dilləri işlənib bir o qədər də əmələlər üçün mənbəyi-ruzidir... Qərəz ki, (F.A.) rəfiqimizin bu gunə baş-ayaq və ayaq-baş vurmasından məqsədi nə olduğunu anlamadım. * * * Ordan-burdan 78 Duma yaxınlaşır Bir “inteligentin” xəyalı Pah-pah Duma yaxınlaşır! Görəsən bizlərdən kimi seçəcəklər! Allahın altında məni seçə idilər!. Nə tövr edim ki, məni seçsinlər?.. Nə kələk qurum? Kimi “padkupit” eyləyim... Ox! Ölməzdim bir o günü görsəydim ki, mən dumaya deputat seçilib, Peterburq deyibən bir gedirəm!.. Deyirlər ki: Dərin dərya kəsi biqəm nəbaşəd, Əgər başəd bəniadəm nəbaşəd. Amma yox: Mənciyəzi dumaya vəkil seçsinlər. Əgər desəm ki, bir qəmim var atam mənim şeytan olsun! Zarafat deyil, canım. Dumada vəkil olmağın bir gör necə ləzzəti var: əvvəla budur ki, bu murdar, zəhlətökən, nəhus vəhşi yerdən çıxıb gedib Peterburq kimi obrazovannı yerdə oturursan, qulaqların pis-pis müsəlman sözü eşitmir, gözlərin pis-pis müsəlman üzü görmür. Əşi bu xaraba qalmış yerdə mənim kimi adamlar bir az çox qalsa vallahı ki, çərlər, dərd, vərəm gətirər! Adam hər yerdə vəhşilik, qanmazlıq, gördükcə ermənilərin, rusların yanında lap əriyib yerə keçir! Gündə görürsən “iznakom”larım mənə deyirlər ki, “posluşay, Qasanbek Camaliç! bu müsəlmanlar qəribə vəhşidirlər! Deyirəm canım, doğrudur. Deyirlər ki, “Yeyboqu” sizin müsəlmanlardan adam olmayacaqdır. Nahaq yerə sairlərinə də “meşat” eyləyirlər. Yaxşı olardı ki, bunları Amerika zənciləri kimi qırıb qurtara idilər! Deyirəm vallahı onda mən çox sevinərdim və sizə də çox “balaqadarit” elərdim, hanı bir elə iş... Qərəz... hə, bu belə! Bu bir ləzzət ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan. İkincisi odur ki, böyük bir ad qazanarsan. Yevropada, Rusiyyətdə və hər bir abrazavannı yerdə sənə hörmət elərlər ki, dumaya çilensən, adını qəzetələrdə yazarlar, sənin barəndə hər yerdə danışarlar, xülasə, bilərlər ki, bəli, sən də dünyada varsan. Üçüncüsü budur ki, sənə orada həmişə allahın verən günü on dana manat nəqd pul verəcəkdirlər ki, heç yatsan da “Yuxuna girməzdi! Bir vaxt var idi ki, mən ayda on manat pul alıb yazı yazmaqdan belim bükülmüşdü. Elə indi də gündə ikicə manat pul alıram. Amma orada mənə verəcəkdirlər gündə on manat pul! Özümün də işim bu olacaqdır ki, gedib padşah imarətində kəmali-istirahət ilə əyləşib, vəzir-vəkillərin danışığına qulaq asacaqam. Güni-yovmiyyədə on dana manatımı alıb, doludaracayam cibimə. İndi, iş buradadır ki, mən bu on manatdan hər gün xərcləyəcəyəm, ha çox xərcləsəm, manat yarım, nu, iki manat; cibimdə qalacaqdır düz səkkiz manat, gündə səkkiz manat, pul ayda eylər düz iki yüz qırx manat. İndi fərz eyləyək ki, məsələn, altı aydan sonra genə “krayni partiyalar” dələduzluq edib, dumanı dağıtdırdılar. Onda iki yüz manat pul altı aydan sonra eylər neçə manat? Altı dəfə iki yüz, eyləsin min iki yüz, altı dəfə də qırx, eyləsin iki yüz qırx, o da min iki yüz – eylər düz min dörd yüz qırx manat! Bu məndən ötrü çox puldur. Allah bərəkət versin, min dörd yüz qırx manat az pul deyil! Mən bu pulu banka versəm ölənətən məni rahat görər!.. İndi bəlkə dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Əgər bir il olsa, bu min dörd yüz qırx manat eləyər, iki il olsa, iki min səkkiz yüz həştad manat, amma beş il olsa, vay Allahı! Bədənim tərləyir. On dörd min dörd yüz manat pul eylər!!! Onda di gəl, mənim keyfim gəl!!! “Sobstvenni dom”, “sobstvenni ekipaj”, “saderjanka”, “quvernanka”, “elektriçestvo”, “Yevropa”, “muzıka” pah atanla yeri, adam fikir elədikcə əndamı tərləyir! Yox, canım boğazıma gəlsə də gərək çalışam ki, dumaya məni seçsinlər, yoxsa vallahı ki, burada qalsam bağrım çatlar!”. Doğrudur, kişinin bağrı çatlar! * * * Ordan-burdan 79 Budur, bir neçə ildir ki, bütün aləmi zəlzələ-vəlvələyə salan rusyapon davası və onun dalınca qucağa sığmaz olan Rusiyanı qucaqlayan bu azadlıq hərəkatı bizim bu xabi-qəflətə aludə olmuş aləmi-islamı dəxi titrətdi. Əzon cümlə bizim Bakını da titrətdi. Aləmi-islamın gözünü açdı; əzon cümlə bizim Bakının da gözünü açdı. Aləmi-islamda neçə-neçə firqələr, üzviyyətlər, “orqanizasiya”- lar, məclislər qurulmağa başladı. Əzon cümlə bizim Bakıda da həmin işlər vaqe olmağa başladı, yəni, bu bir iki ilin ərzində Bakımızda və “Hümmət” və “İttifaq” və “Hidayət” və “İxvani-səfa” və “Sədayimillət” və “Bəydəqi-nüsrət” və “Şəms” kimi cəmiyyətlər təşkil olunub, öz “ziyabəxş” və “tərəqqigöstər” və “mədəniyyətpərvər” və “maarifpərəst” olan əməlləri ilə Bakını bir hala qoydular ki, indi görən and içir ki, bu Bakı keçmiş Bakıya oxşamır. Belə ki, “Hümmət” öz hümmətilə, “İttifaq” öz ittifaqilə, “Hidayət” öz hidayətilə, “İxvanisəfa” öz səfasilə, “Sədayi-millət” öz sədasilə, “Bəydəqi-nüsrət” öz bəydəqilə və “Şəms” də öz tülui ilə Bakı camaatını hər bir pis və murdar hərəkətlərdən təmizləyib lap büllur kimi eləyibdirlər. Oğurluq, adam öldürmək, filan yoxdur, hər kəs desə ki var, yalandır, qulaq asmayın! * * * Ordan-burdan 80 – Salaməleyküm, yoldaş! – O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər? – Ay yoldaş... necə olacaq, elə əvvəlki kimidir də!.. Ancaq qəhətlik, fəqirlik... – Yaxşı, Əbdülkərim, bircə de görüm mənə, strajniklər yenə əvvəlki kimi çapıb aparırlar?.. – Ay yoldaş! İndi strajniklər əvvəlkindən də yaman çapqınçılıq edirlər və artıq payədə. Bəzi vaxt gəlirlər ki, pristav töycü pulu istəyir. Biz deyəndə ki, atam, babam – zalımsınız, heç olmasa bir insaflı zalım olunuz, deyirlər ki, oğurluq elə, amma insafını əldən buraxma!.. İndi, siz də soyub aparmışsınız, bir möhlət verin bir az özümüzü düzəldək, yenə gəlib aparın... Bimürüvvət oğlanları razı olmayıb, şey-meymizi götürüb hayda! Demək istədilər, hər yerə göz yetirdilər, dörd gözlü olub, marıtladılar, hisli sacdan, sınıq tabaqdan, oxlovdan, şikəst çıraqdan, yırtıq keçədən, nimdaş çarıqdan, xalçasız xanadan, dəhrədən, bir qəbzə bıçağından başqa, evdə bir şey tapmadılar. Keçən illərin mis qabları, yorğan-döşək və xalçaların dadları damaqlarında qalmış idi... hə... axır ki, evdə bir şey tapmayıb, bayıra çıxırlar, şovqərib, mirasa qalmış toyuqlar qa-qa deyib çığırmağa başlayır və strajniklər tuthatut... toyuqların ayaqlarını sarıyıb aparırlar... Deyirəm, xudaya bu nədir? Bunu deyib, həmsöhbətim bir ah çəkib, xudahafiz edib getdi. * * * Töycü söhbətini açdım, yadıma bir şey düşdü: görək bizim boynumuzdan da bu dinməver, danışmaver, tərpənməver, baxmaver, eşitməver, bilməver və ilax... və bir də çay pulu və papiros adlanan töycülər götürüləcəkmi? Bu məmurlar, polis əhli və qeyri-çinovnik əhli o qədər “çay və papiros” pulu alıblar ki, camaat bu pulların verilməsini adət və vəzifə edibdir və görürsən elə yerdə elə ittifaqda məmura oxşayan kimsəyə təklif edir ki, əsla lazım deyildir. Məsələn, keçən seçkidə evlərin kirayənişinləri və ümumən “bütün şəxslərin” (bizim haqq intixab üsulu elədir ki, iyirmi dörd il on bir ay iyirmi doqquz günlük sini olan, yaxud bu axır senat bəyannaməsinə mülahizatən mətbəxsiz əlahiddə qapısız və bir ildən əskik, məsələn, 11 ay 20 gündən bəri kirayə tutulmuş evdə olan kirayənəşin yarım adam hesab olunur) siyahisini tərtib edəndə evin sahibi Hacı Dümək yazıçısını yanlayıb deyir: “Bəy, çox təvəqqe edirəm ki, yaxşı yazasınız... əgər... istəsəniz... sizə bir qədər “papiros pulu”... verərəm...”. Yazıçı cavab verdi: Əmi, mən bunu yazmağım əvəzinə pul almayıram... bu mənim vəzifəmdir. Mən bunu yazmağa borcluyam... Bədbəxt camaat, gör rüşvətçi məmurların xasiyyətlərinə özünü necə adətləndirib! * * * Oğru, xırsız istər ki, həmişə gecə qaranlıq və zülmət olsun ki, “kəsbkari tərəqqi” eləsin... İndi bizim məmurlar da əllərilə də, ayaqları ilə də və başları ilə də səy edirlər ki, camaatı zülmətdə və avamlıqda baqi eləsinlər ki, belə-belə sözləri aşikar olmasın. Hətta bir pristav “vətənpərəstliyindən” savadlı gəncləri görəndə gözləri çıxırdı, tükləri biz-biz dururdu və belə savadlının “divanxanaya”, yəni “ədalət çeşməsinə”, işləri düşəndə ağa pristav ona: Səndən zəhləm gedir – deyib qovardı. Amma savadsızlara pristav himayə edib, bir sərnic süd, yaxud bir bəsti bal, ya ki, yüz yumurta əvəz alar idi... Pristavın bu mücahidliyinin nəticəsi bu oldu ki, savadlı kəndçi qol çəkmək, kağız imzalamaq lazım gəldikdə, “xeyr! Mən savadlı deyiləm” – deyib özünü avam göstərirdi ki, pristavın qəhərinə düçar olmasın... Xudavənda! Sən özün bizi belə məmurların şərrindən hifz elə! * * * Halımıza dair 2 Keçmiş məqalələrimdə yazdığım kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdığı halda, bizim “tısbağa addımı” ilə qabağa sürünüb bəzi vaxt dəxi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Mən, öz vicdanım sarıdan heç bir töhmət gözləməyib açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu işi barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmayır, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir! Dəlil istərsiniz? Buyurun, camaat yolunda tutduqlarımız işin nəticələri öz-özlüklərində şafi bir dəlildir. Gizlətmək lazım deyildir; biz camaat işlərinə qarışıb “islahat” əmələ gətirmək istədikdə, iki məqsədin dalına düşürük, daha doğrusu, bir məqsədi, yəni ümumun xoşuna gələn məqsədi ancaq xalqa elan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədimizi təqib edirik. Çünki bu məqsədin hüsuli, əvvələn, bizim üçün şəxsi bir mənfəət qazanır və saniyən onun təriqi-üsulu da asandır. Və bu şəxsi mənfəət, görünür ki, bizdən ötrü o qədər arzu olunacaq mərtəbə əzizdir ki, biz bunun hüsulundan ibarət olan xüsusi məqsədimizi ümumi camaatın mənafeyinə tuş olan digərpəsəndi də məqsəd içində gizlədib, “üzü bürünmədən” meydana atılmağımızı məsuliyyətli və xatərnak bir şey hesab etməyirik. Lakin, bu “cəsarətin” axırı nə olur? Hər bir biabırçılığı ötmüş bir ürəksizlik, qorxaqlıq və lap axırda, müvəqqəti də olsa, boynu buruq qulluq. Çünki məqsədi xüsusimiz bir çox alçaq məqsədlərdən olduğuna görə, bizə heç bir ürək-dirək verməyir və bu səbəbə binaən haman atıldığımız meydanda qabağımıza çıxan birinci səd, birinci məmaniət bizim əl və ayağımızı boşaldıb yer üzərində sürünən bir qurdcuğaza döndərir ki, gəlib-gedənə yalvarır: Ey aman, məni basıb əzmə, xəta edib sənin qabağına çıxmışam! Amma, bu gunə iş aparmaq olmaz. Bu təriq ilə camaat işinə qatışmaq yaramaz, “Ad-san” qazanmaq üçün özgə bir yol aramaq yaxşıdır. Camaatı elə dolandırmaq zarafat deyil, cürət edib, camaat işinə qatışan və ondan böyük bir cürət edib, “islahat” naminə fil boyda bir məsələni qalxızan hərif dediyinin üstündə kəmal sibat ilə durmalıdır. Dura bilməsə də heç vaxt qoyub qaça bilməz, ya ölməlidir, ya qalmalıdır. Amma hamısından yaxşı bu cür işləri pişəzvaxt mülahiza edib ondan sonra işə girişməlidir. Dürüst bir fikir edərək: indi nə zamandır və biz nəyik? Rusiya azadlıq hərəkatı zamanı hülul edəndən bəri ki, bütün millətlər boyunlarına keçmiş olan zəncir-əsarətin boşaldığını bilkülliyə təxlis-can etmək üçün var qüvvət və zorlarını sərf edirlər, çünki onlar əsarətin yamanlığını və azadəliyin yaxşılığını gözəlcə anlayırlar. Səbəb də odur ki, onların həqiqi mücahidləri tamam otuz-əlli ildən bəridir ki, min cürə vasitələrlə öz avam fərdlərini başa salıb, həyat və məişətin yaxşı və fənatərəflərini onlara təlqin edibdirlər və ikincisindən xilas olub, birincisinə nail olmaq fərqini onlara qandırıblar. Qərəz, bu mücahidlər, məkatib və mədarisi, məclis və məhafili, xəfi və aşikar mübahisat və muzakiratı, ədəbiyyat və sənayei-nəfisəni vasitələrlə bir otuz-əlli ilin içində öz avam millətlərinə arzu olunan surətdə tərbiyə verib, indiki günlərdə azadlıq hərəkatı meydanında kəmali-məharət ilə (rol) oynamağa qanacaqlı və öz yaxşı və yamanını qanıb, anlayan bir millət hazır edibdirlər. Amma bizim mücahidlər... öz avam millətimiz ilə bir də kəmaliqəflət ilə yatıb, ancaq indi oyanıb gözlərini ovuşdurmağa başlayıbdırlar və birinci fikir və məqsədləri də avam camaatı bir tez zamanda oyadıb başa salmaq əvəzində özlərinə “ad-san” qazanmaqdan ibarətdir. Odur ki, indi bütün Rusiya millətlərinin bu azadlıq hərəkatına həqiqi nə kamil bir vüquf və ittilaları olduğu halda ki, onların istər hərəkətindən və istərsə asar-mənzumə və qeyri-mənzumələrindən aşikardır. Bizim camaat hər bir şeyi ayaq-baş və baş-ayaq anlayır və tərsinə başa düşür. Şair “Naim” “Fyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə özü bilir. Ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsəvvür edib çox da məqamında söyləyir ki, həmin bu günkü gündə ki, bütün aləm hürriyyət və maarif deyə fəryad edir: Bizim yerlərdə hürriyyət əsarətdən ibarətdir; Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir. Tərəqqi eyləmək maziyə ricətdən ibarətdir. Bütün əşarımız asari-qəflətdən ibarətdir. Biz bunu anlamaq istəməyirik ki, bu saat sairələrdən ötrü bir ümumi inqilab zamanı yetişdiyi vaxt, bizim camaat üçün iki inqilab vaxtı yetişibdir ki, onlardan biri haman Ümumirusiya inqilabıdır və digəri isə öz xüsusi inqilabımız olmalıdır, yəni: İndiki zaman o zamandır ki, bizim camaat Ümumrusiya inqilabında iştirak etməyə məcburdur; Lakin bu Rusiya inqilabında iştirak edə bilmək üçün öz içimizdə bir xüsusi inqilab törətməyə məcburuq, çünki əsarəti hürriyyət bilə-bilə, zülməti nuri-maarif bilə-bilə, maziyə, ricəti tərəqqi bilə-bilə – Rusiya hərəkatı-azadi cuyanəsində iştirak etmək mümkün deyildir. Digər tərəfdən dəxi bu hərəkatda iştirak etməmək bizdən ötrü böyük bir təhlükəni movcib ola bilər; bizi hər bir cəhətcə aləmi-mədəniyyətdən uzaq salar və bilaxır bilkülliyə tələf olmağımıza səbəb düşər. Bəs bizə, bizim camaatımıza xüsusi bir inqilab lazımdır. Ancaq bu inqilabdan sonra biz həqiqi bir ömür sürməyə başlarıq. Lakin bir fikir edək. Bütün amal-əfkarı quru bir “ad-san” çıxartmaqdan ibarət olan və yainki camaat işlərinə qatışmağı imrari vaxt üçün bir əyləncə, bir oyuncaq hesab edən “mücahidlər” himmətilə inqilab kimi bir əmriəzimi layiqi surətdə icra etmək mümkündürmü?! Xeyr, bunların himmətilə – necə ki, aşikar olmaqdadır – irticanı, yəni geri qayıtmaq həvəsini artırmaq olar. Həqiqi inqilab törətmək üçün həqiqi milli mücahidləri lazımdır. Həqiqi inqilab, nə qədər dedikcə, böyük bir əmrdir. Bu böyük əmri yeritmək üçün də böyük, yəni əmal və əfkarı uca olan adamların meydana çıxması icab edər. Dəni məqsədlərin burada “şəltəsi işləməz”, onlar zəhərdən səvayi heç bir xeyir yetirə bilməzlər. Onları kənar etmək, öz məqamlarına qovmaq lazımdır. Bizə həqiqi mücahidlərin rəhbərliyi, rəhbər olub da, bizi bu nimmürdə halımızdan digər bir huşyar bir hala salmaları lazımdır. Lakin bizim içimizdə həqiqi rəhbərlər varmı? Bəli var, istənilsə bulunar. Biz hamımız, bilaistisna, həmişə şəxsi-qərəz və mənfəətlərimizə uyub indi də ancaq o dairədə işləməkdən çəkməyirik. Fəqət biz bir an bu dairədən qədəm kənara qoysaq və öz ümumi halımıza əhəmiyyət verib, diqqət yetirirsək, bizi təhdid edən təhlükəni müşahidə etməyə bilmərik, o surətdə, fitrətində qabiliyyətli və zəkavətli qeyrət və namuslu yaradılmış olan adamlarımız, öz vicdanlarının təhrik və təşviqilə bu təhlükəni dəf etmək üçün həqiqi mücahid namində meydana çıxıb, doğruluqla iş görməkdən özlərini çəkə bilməzlər və bu təhlükəli-ümumini dəf etmək yolunda təsadüf edən bütün məmaniətləri, bütün sədləri basıb keçməyi özləri üçün məşəqqət deyil, ruhani bir ləzzət, vicdani bir feyz bilərlər! Ancaq bunun birinci şərti millətimizin halına əhəmiyyət nəzərilə baxıb dərin bir fikr etmək və ondan sonra hər bir şəxsiyyəti bilmərrə kənara qoyub və hər bir alçaq niyyətlərdən bilkülliyə bəri olmaq və milləti əsil nəcat yoluna tuş etmək kimi məqsədi-ali ilə təhəyyiq olub, ürəklənmək lazımdır. * * * Ordan-burdan 81 Uyma dünyaya ey dili-qafil Nə olur bu əcuzədən hasil! Pəh-pəh nə gözəl sözdür və nə ali fikirdir ki, İranın hakimləri və bəzi üləma və ruhaniləri camaata oxuyub haqqın əl və ya ayağını yerdən-göydən üzürlər. Bu hakimlərin və bəzi üləma və ruhanilərin nəzərində hürriyyət istəmək, millət məclisi açdırmaq, kasıb-küsubun qeydinə qalmaq, xalqı maarifləndirmək də hamısı, dünyaya uyub qafil olmaqdır. Amma rüşvət almaq, xalqı aldatmaq, camaatın başını qırıb cibini soymaq adəti bir işdir ki, yatıb-durmaq, yeyib-içməklə onların arasında heç bir təfavütü yoxdur, odur ki: Uyma dünyaya, ey dili-qafil! Yəni ay camaat, hürriyyət filan istəməyin, qoyun hakimlər, filanlar sizi həmişəki kimi soysunlar! * * * Amma bir tərəfə baxsan, bizim içimizdə olan bəzi “yalançı pəhləvanlara” – “Uyma dünyaya, ey dili-qafil”, demək çox yerində olar. Bu yalançı pəhləvanlar yalançı pəhləvanlığı nədən ötrü eləyirlər? Bundan ötrü ki, camaat içində ad-san qazansınlar. Amma bu binəvalar doğrudan da ad-san qazanmağın yolunu heç bilməyirlər. Ad-san qazanmaq üçün camaat işinə qatışıb böyük bir məsələni qalxızmaq və o məsələ yerindən qalxıb fil boyda olanda qorxudan siçana dönüb deşiyə girmək lazım deyildir. Bu tövr ilə ad-san qazanmaq olmaz. Biabır olmaq olar. Ad-san qazanmağın yolu bax budur: Çıxırsan bazara, görürsən ki, Məşədi Mahmud gəlir, yanına gedib salam verirsən və deyirsən ki, Məşədi Mahmud, qəribə sən yaxşı adamsan, üzündən-gözündən tamam nur yağır, adam sifətinə baxanda lap valeh olur, buyur papiros çək. Ondan görürsən ki, Kərbəlayı Bədəl gəlir. Onun da yanına gedib deyirsən ki, Kərbəlayı Bədəl, nədəndirsə, səni görəndə elə bil ki, lap əziz adamımı görürəm, Allahın altında hamı müsəlmanlar sənin kimi xoşxasiyyət, xoştəbiət, xoşsifət, xoşsöhbət, xoşrəftar, xoşgöftar, xoşxülq, xoşdil, xoşzəban və xoşbəyan ola idilər. Buyur, gedək bir stəkan çay içək. Ondan görürsən ki, Şərbət bəy gəlir, özü də uduzubdur. Haman saat yanına yüyürüb, qulağına pıçıldayırsan ki, Şərbət bəy yaxşı pulum var... (ta dalısını demək lazım deyil, Şərbət özü arifdir). Ondan sonra görürsən ki, bir molla gəlir. Həmin saat cibindən təsbehi çıxardıb, öz başına dualar oxuyursan və mollaya da kəmali-təzim ilə baş endirirsən. Ondan sonra görürsən ki, bir dövlətli adam gəlir, nə qayıracaqsan? İki qat olub qalxırsan. Və bu minvalla baxıb görürsən ki, səni hər yerdə tərif edirlər və özün də əməlli başlı ad-san çıxardıbsan, ta bundan yaxşı nə var? * * * İkinci Duma Bu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır. Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahasilə ələ gətirilmiş olan birinci (duma)nı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi. Birinci dumanın üzvləri təqib edildi. Onlardan ən əhəmiyyətli bir məsələyə, yəni (ağrarnı) məsələyə vüqufi-tamməsi olan (Hersenşteyn) öldürüldü. “İfratçılıqda” gümanlı görünən başbilənlərin bir çoxu həbs və tovqif olundu, bir çoxu duma üzvlüyü haqqından məhrum edildi və bir çox mücahid kimsələr də hökumət senatı “bəyanat və izahatına” mübtəla olub, həqqi-intixabdan düşürüldü. Qərəz, ikinci dumanın “etidalı”, yəni hər bir günahi-kəbir və səğiri güzəştə mayıl olması üçün hər nə əməl var idisə də hamısı işə buraxıldı. Ancaq ondan sonra hökumət arxayın olub, seçki işlərinin icrasına izn verdi. Lakin işin nəticəsi tək bir hökumət deyil, bu işə əhəmiyyət nəzərilə baxanların hamısını heyran qoydu. Çünki hər bir seçkinin nəticəsində gələcək dumanın (fizionomiyası) sifəti aşikar görünməyə başlayıb “ağzıboş” və hökumət tərəfinə mayıl gözlənən dumanın əvəzinə (opozisyonu), yəni xilafgir bir duma çıxacağı kəmali-istiğrab ilə müşahidə olundu. Hökumətin seçki icraatında qoyduğu təhdidat dəxi onun nəfinə əhəmiyyətə layiq bir müddət yetirə bilmədi. Duma üzvləri yığıldı və onların əksəriyyəti də həman hökumət qabağını kəsən “sol”lardan oldu. Bu nəyə dəlildir? Buna dəlildir ki, Rusiyada əvvəlcə əksəriyən xəfi və bəzən aşikar surətdə getdikcə kəsbi-izdiyad və istedad edən və bu axır vaxtlarda ahu fəqanlar, odlu-odlu şikayətlər, dadu fəryadlar ilə bərabər revolverlər, tüfənglər, bombalar partıltı və gurultular ilə bütün məmləkəti lərzəyə salmış olan millət etirazı səbükəqillərin görmək üçün icra edilən boş və əsassız bir nümayişi deyildir, – bu, cana doymuş camaatın, kəmalə çatmış əqillər təşviq və təhriki ilə sədayi-həqq tələbanəsidir. O səda ki, heç bir hədə-qorxu ilə xamuş olmaz və hər bir top və pulemyotdan dəxi gurultulu və əsərli olmaqla bərabər getdikcə mühib və müdhiş olub eşidənlərin tüklərini qabardar və bədənlərini lərzəyə salar. Və bu da ona dəlildir ki, bir bu qədər zaman qulluq və ağalıq əsası üzrə qurulmuş və qurulub da hər yerdə təzyiq və əsarət kökü salmış olan idarəyi-müstəbidənin birindən belə dəxi xitampəzir olması naçardır, xitampəzir olmasa da əvvəlki təriq üzrə qalıb davam edə bilməz, məmləkət öz asayiş və rahatlığından əl çəkib nizamsızlıq və təmiz bir (anarxiya) halına düşməyə razı olar. Amma köhnə idarənin yenidən bir də təkrar hökmfərma olmağına heç bir halda riza verməz. Demək olar ki, indi bütün Rusiya əhalisi siyasət cəhətincə böyük bir qanacaq hasil edə bilibdir. Qanacaq sahibi dəxi azad və sərbəstanə dolanmağın yolunu biləndən sonra heç vaxt öz başını təkrar əsarət kəməndinə salmaz... Əlqərəz, duma, yəni Rusiya məclisi-məbusanı bu gün ikinci dəfə olaraq açılacaqdır. Hərçənd gələcəyi indidən təyin etmək və pişəzvəxt xəbər vermək müşküldürsə, hər bir halda, gələcək günləri qızıl hesab edəcək dərəcə nikbin olmaq yaramıyan kimi gələcəyə bədbinanə baxıb, qəti-ümid olmaq da yaramaz. Ümid həyatımızın rəhbəridir. Bəzi mülahizatı nəzərə alıb bu ikinci dumanın müəyyən bir vaxta qədər davam edəcəyinə və davam edib də məmləkəti köhnə idarənin tazlanmasına qorxusundan çıxartmaqla bərabər və rəfahət təriqinə tərəf sövq edəcəyinə ümidvar olmağımız səlahdır. * * * Ordan-burdan 82 Bizim yerlərdə qumar oynamaq elm oxuyub adam olmaq kimi çətin bir şey deyildir. Bir çox atalar elə ki, görürlər oğlanları oxuya bilməyirlər həmin saat məktəbdən çıxardıb qumarbazlığa qoyurlar. Qərəz, sözüm bunda deyil, onu qandırmaq istəyirəm ki, ən məşhur qumar bizim yerdə “dördaşıq”dır; bu “dördaşıq” üstündə yaxşıca sərmayə qazanıb “adam” olanlar və həmin “dördaşıq” üstündə atadan qalma sərmayəni fənayə verib əli qoynunda qalanlar burasını yaxşıca bilirlər ki, “dördaşıq” oyunda da iki şey var: “toxan və alçı”. Hərifin biri həmişə istər ki, aşıqlar “alçı” dursun, o birisi də gözünü dikib “toxanlara” müntəzir olar. Bəzi vaxt olur ki, həmin “alçı” atmaq arzusunda olan hərif ümidini ələlxüsus baş aşığa bağlayıb aşıqları hündürdən tullar, amma aşıqlar yerə düşəndə gözləri pər-pər çalar. Görər ki, aşıqların üçü də “toxan” durub, baş aşıq da bir az əgri durubdursa, amma yenə də “toxana” oxşayır. Onda həmin hərifin əhvalı bizim indiki hökumətin əhvalına bənzər. Çünki hökumət dəxi bu ikinci duma üstə camaat ilə “dördaşıq” oynayırdı, aşıqlar dəxi duma vəkillərindən ibarət idi. Hökumət tamam səkkiz ay səy və təlaşda idi ki, ikinci dumanın vəkilləri “alçı” dursun, yəni hökumət nökəri olsun. Amma nə fayda, görünür ki, qumarbazlıqda hökumətin əli gətirə bilməyir, çünki necə ki, indi məlum oldu, duma vəkillərinin hamısı “toxan” durubdurlar və Peterburq ilə Moskva vəkillərindən ibarət olan “baş aşıq”lar da hərçənd bir qədər əyri düşübdürlər, amma yenə də “toxana” hesabdırlar. İndi, ey “alçıya” ümid bağlayıb “toxan” atanlar! Görünüz hökumət nə haldadır! Hələ hökumət o yana dursun, bir baxın görün, Tiflisə gedən Bakı vəkili cənab Qarabəyov nə haldadır ki, buradan oraya qarpız ümidi ilə gedib, orada heç şorpa xiyarı da tapmayıblar. Görünür ki, cənab Qarabəyovu, yəni bütün Bakı camaatını teleqram vasitəsilə aldadıbdırlar və bunları aldatmağa məcbur olan şeyxülislam cənabları olubdur. Şeyxülislam cənablarını da aldadan canişin həzrətlərinin dəftərxanası olubdur. Canişin həzrətlərinin də dəftərxanasını aldadan erməni “daşnaqsaqanları” olubdur. Erməni “daşnaqsaqanları”nı aldadan da onların ürəklərini özünə paytaxt etmiş şeytani-rəcim olubdur. İndi məzəli burasıdır ki, görək əsil yalançılara nə cür tənbih olunacaqdır. Əgər baxıb görsə ki, bu cürə qırmızı yalançılığı zarafata salıb gülürlər, onda bəd olmaz ki, biz də işimizi irəli aparmaq üçün o cürə “hiyləyisiyasi”lərə əl ataq, çünki gündə on dəfə yediyimiz “hiyləyi-şər” ilə günah hesab olmayan halda, “hiyləyi-siyasi”lər bu günlərdə lap savabdır. * * * Təəssüflər olsun Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi! Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq! Bir baxınız: İgirminci əsrdir, sairlər bizdən dəfələrlə yaxşıraq ola-ola yenə də öz məişət və güzəranını daha gözəl bir təriq salmaq üçün mücahidə və mübarizələrdə bulunub aradıqları yolu tapmağa səy və qeyrət edirlər. Amma biz,...biz də qeyrət edirik. Lakin niyə? Özözümüzü bundan daha zəlil və rəzil bir hala salmağa. Mərifət və mədəniyyəti-həqiqədən bəhrəmənd olmadığımıza görə, həyat və məişətin təriqinə dair nəzərimiz çox kutahdır. Biz bunu anlamırıq ki, hər bir fərdin rəfah və səadətlə ömür sürüb yaşaması və üzvü olduğu camaatın rəfah və səadətinə bağlıdır. Odur ki, heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə almayıb ancaq öz xüsusi mənfəətimizi gözləyirik. Biz oylə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. O səbəbdəndir ki, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə bilirik. Ola bilsin ki, bu kimi vasitələr ilə biz özümüzə bir şey qazanırıq. Özümüzü mərəffəhülhal və məsud görürük. Lakin həqiqətdə biz öz-özümüzü böyük bir bədxətliyə sövq edirik. Çünki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda, heç birimizin səadəti baqi qala bilməz. Heç bir cəmiyyət olmaz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü möhlik olmasın. Rusiya kimi əzim bir cəmiyyətin özündən neçə dəfə xırda olan Yaponiyaya basılmasına səbəb nə idi? Səbəb o idi ki, Rusiya cəmiyyətinin üzvləri öz xüsusi mənfəətlərini ələ gətirmək üçün sərf etdikləri səy qədər ümumi camaatın mənafeyi üçün səy etməyirdilər. İran camaatının dəxi bu zəlalət və rəzalətinə səbəb üzvlərinin ümumi camaat mənafeyindən sərfnəzər edib, öz şəxsi mənfəətləri dalınca olmaqları deyilmidi? Şübhəsiz böylədir. Lakin biz bunu anlamaq istəmirik, daha doğrusu, anlaya bilmirik. Çünki elmimiz yoxdur və hər bir şeyə kutahbinanə baxmağa adət etmişik. Aşkara görürük ki, bizim qonşumuz olan ermənilər, çox tez zamanda anladılar ki, onların Gəncə quberniyasında düçari-xəsarət olan ünsürlərinin bədbəxtliyi bütün erməni camaatına və həmçinin, hər bir erməni fərdinə fəna surətdə təsir edə bilər. Odur ki, bir qədər dedilər, danışdılar və ünsürlərinin xəsarətini təzmin edəcək qədər pul və sairə ləvazimat tədarükünü görüb, əlan həman bədbəxtliyin dəfinə çalışmaqdadırlar və bu tərəfdən o qədər arxayın olubdur ki, indi “camaat universiteti” kimi böyük fikirlərin qüvvədən felə gətirilməsinə çalışmaqdadır ki, bu vasitələr ilə də camaatın gələcək rəfahətini təmin edə bilsinlər. Amma biz ermənilərdən ədədcə və hətta maddi təvanaca artıq ola-ola, otuz beş min nəfərdən ibarət olan böyük bir hissəmizin yoxsulluq və aclıq kimi müsibətlərinə bir çara tapmaq qeydinə qalmayırıq. Qalanlarımız varsa da, rəhmdillər cəhətincədir. Halbuki hissiyyatımız deyil, əqli-səlimimiz, dürbinliyimiz olmalıdır ki, bu müsibətin tez bir zamanda dəfinə can və dil ilə çalışaq. Çünki indidən bunu nəzəri-etibarə almalıdır ki, bu saat zəngəzurların nəfi üçün beş manat, üç manatdan keçmək bizdən ötrü artıq bir ziyan edə bilməz. Amma otuz beş min nəfərin tələf olması Zəngəzur kimi mühüm bir mövqeyin bizim ünsürlərdən xali qalması axırda bizim hər bir fərdimiz üçün böyük bir bədbəxtliyi mövcib ola bilər. * * * Ordan-burdan 83 Dünən bir neçə nəfər “ürəyi yuxa” adamlar məni görüb hər biri mənə bu sözü dedi: “Proqress” qəzetinin üçüncü nömrəsində Zəngəzur acları barəsində Qarabəyov yanıqlı bir məqalə yazmışdı, oxuyandan sonra az qaldı ki, ağlayam. Dedim: Mən də həmin məqaləni oxudum, amma oxuyandan sonra az qaldım ki, oynayam. Dedilər: Nə üçün? Dedim: Nə təfavütü var? Biz ağlayıb bikef olmaqla, ya oynayıb şad olmaqla Zəngəzur aclarının qarnı tox olmaz ki, səndən onlara çörək vermək olsun, istər ağla, istər mil dur. “Ürəyi yuxa” adamlar bu sözün üstündə məndən bərk incidilər. * * * Amma cənab oxucu! Sən məndən incimə, qoy sənə bir söz deyim. Cənab oxucu! Fərz elə ki, sənin qardaşın və ya əziz bir adamın dəryaya qərq olub batmaqdadır; yazıq ha əl-ayaq çalır, özünü birtəhər sahili-nicata sala bilsin, amma dağ boyda ləpələr bir-birinin dalınca qardaşının üstünə hücum edib, binəvanı boğmaqdadır: o tərəfdən də bir nəhəng balıq ağzını əjdaha kimi açıb istəyir ki, qardaşını udsun, sən də kənarda durub qardaşının müsibətinə gendən tamaşa eləyirsən, özünün də əlində uzun ağac var və nəhəng balıqları öldürən bir karastı dəxi varındır. Aya, insafdırmı ki, sən ağacı qardaşına uzatmayıb balığı da öldürməyəsən??? Deyəcəksən ki, xeyr, insaf deyil! Çox yaxşı, peyğəmbərimiz (s) bizə buyurubdur ki, cəmi müsəlmanlar bir-birinə qardaşdır. Bəs, bundan belə məlum olur ki, Zəngəzurda böyrü üstünə yıxılmış Kərbəlayı Məhəmmədcəfər sənin qardaşındır. O yazıq aclıq dəryasına qərq və “tif” naxoşluğu balığına da taam olmaqdadır. Aya insafdırmı ki, sən bu əhvalatı bilə-bilə səhər ertəsi yağ çörək ilə çay, günorta vaxtı kələm dolması, dovğa və axşam da rəngli plovunu doyunca yeyib, o yazıq Məhəmmədcəfərə bir danə çörək vermiyəsən??? İndi bu bir söz idi dedim, ancaq təvəqqe eləyirəm ki, məndən inciməyəsən! * * * Dumada müsəlman fraksiyası Əgər bir əcnəbi Peterburqa gəlib “duma” üzvlərinə tamaşa etmək xahiş edərsə, söz yoxdur ki, ruslardan savayı sair millətlərin nümayəndələrinə dəxi xüsusi bir nəzərlə baxmağı əhəmiyyətsiz görməz və o cümlədən biz Rusiya müsəlman mabuslarını görüb, zənnimcə, xəyalından təqribən bu fikri keçirər: “İştə, bunlardır ki, iyirmi-otuz milyonluq bir camaatın paymal olmuş hüququnu müdafiə etmək vəzifəsini öhdələrinə alıb, ifasını özləri üçün iqtidarları dairəsində bilibdirlər”. Aya bu fikirdən sonra həmin əcnəbi, Rusiyada vaqe olan seçki nizam və qanunlarını bilümum və seçki icrasının bilxüsus, müvafiqiarzu olunmadığını dəxi nəzərə alarmı, almazmı... Buna hökm etmək çətindir. Amma, bizlərdən ötrü həqiqətdir ki, Rusiyada seçki işləri, ələlxüsus, birinci duma buraxıldıqdan sonra, min cürə təhdidat içində vaqe olduğuna görə dumaya həqiqi, millət məbusları göndərib, onların əsil millət nümayəndələri olacaqlarından əminlik hasil etmək çox müşküldür. Söz yox ki, çoxdan bəri təşkil edib və nizama düşüb məşhur bir partiya namini daşıyan firqələr əlləşib, vuruşub öz üzvlərindən hansı birini olsa da dumaya salandan sonra arxayın olub, yerlərində rahat otura bilərlər. Amma biz müsəlmanlar arxayın ola bilmərik. Çünki indiyə qədər bizim içimizdə amal və əfkarı müəyyən və əqidə və məqasidi məlum bir firqə hələ əmələ gəlməyibdir. Odur ki, dumaya göndərdiyimiz məbusların vaqedə nə əqidə və nə fikir və nə məqsəd sahibi olduqlarını biz özümüz dəxi bilməyirik. Və ola bilsin ki, bir çoxumuz onları heç əbədi tanımayır və bir dəfə də olsa, dəxi adını eşitməyibdir. Hərçənd duma açılıbdır və ümum müsəlmanlar tərəfindən müxtəlif yerlərdən seçilmiş vəkillər əlan Peterburqdadırlar və bundan sonra durub camaat arasında “predvıbornaya aqitasiya”, yəni seçkiyə hazırlaşmaq söhbətləri açmaq gecdir, amma zənnimizcə bizim camaat üçün hər vaxt, hər nə deyilsə mənfəətdən xali olmaz; buna görə, indi də olsa bu sözləri söyləməyi artıq bilməyirəm ki: Vəxta ki bir məmləkətdə (vükəlayi-milliyyə), yəni, ümuri-idarə məmləkətində camaatın vəkil olub, iştirak etmək qaydası tətbiq olundu, həmin millət o gündən başlayıb, öz gələcək məbuslarını nişan etməlidir. Fəqət, ola bilər ki, məbusluğa layiq olan nişan edilmiş adamlar hökumət əvamirinə görə məbusluq haqqından məhrum edilmişlərdən olsunlar. O surətdə əlac ona qalır ki, məbus ocaqları, şübhəsiz, görünən adamları tanıyıb, bilmək, əqidə və məsləkindən xəbərdar olmağı millət özü üçün fərz hesab etsin və bacardıqca onunla yaxınlaşıb, əsil nümayəndə olacağından əmin və arxayın olsun. Əsasən, özünü millətə tanıtmaq məbusluq arzusunda olan şəxslərin borcudur; lakin buna bir o qədər ürək bağlayıb, rahət oturmaq olmaz. Çünki belə bir mühüm olan millət işlərində cüzi bir etinadsızlığın nəticəsi nə qədər böyük olsa, sonradan-sonraya peşman olmağının nəfi bir o qədər də az olar... Lakin biz əminik ki, dumanın müsəlman məbusları bizim bu sözlərimizdən heç bir vaxt rəncidəxatir olmazlar, çünki bu sözlərdən məqsədimiz onların əsil millət nümayəndələri olacaqlarından qəti ümid olmaq fikri deyildir. Gələcək, hələ qabaqdadır, binaənəleyh, ümidimiz dəxi qabaqdadır və bir də vaxti ki, onlar millət məbsu olub Peterburqa gedibdirlər, şübhəsizdir ki, özlərində məbusluq gücü hiss etdiklərinə görə, bu ağır vəzifəni öhdələrinə götürübdürlər və ona görə də əsla millət nümayəndəsi olmaq indi, əsasən, onların özündən asılıdır. Bizim arzumuz dəxi bunların əsil nümayəndəliyi layiq olmalarıdır və o səbəbə və işdə onları tanıdığımız, bildiyimiz vasitələri göstərməyi özümüzə fərz bilib, tövsiyə edirik ki, onlar öz vəzifələrinə artıq diqqət yetirsinlər. Ən əvvəl biz müsəlmanların məbuslarına lazım olan xüsusi “bir fraksiya” təşkil edib, orada öz millətləri olan ümumi müsəlmanların siyasi, iqtisadi və sairə ehtiyacatı barəsində müəyyən bir fikir hasil etmək və dumada bu fikri lazım olan yerlərdə yeritmək üçün yenə də “fraksiya”ya məlum bir xətt-hərəkət qəbul edib o xüsuslarda müzakirə və müqavilələrdən sonra ümumi qararlar qoymaq və o qərarlara müvafiq dumada iş görməkdədir. Və bu “fraksiya” (məclisini) tərtib etdikdən sonra məbuslara fərz olan bir də müsəlman mətbuatına dürüst diqqət yetirmək və mətbuatın millət ilə məbus arasında doğrudan-doğruya vasitə olduğunu bir an unutmayıb, orada yazıları hər zaman səmi etibarə almaqdadır. İçəri Rusiyadan getmiş olan məbusların içində yalnız bir nəfəri təhsili-ali görmüş olduğunu nəzərə alıb, “Tərcüman” və “Vəqt” rəfiqimiz onlara təklif edirlər ki, müsəlman baş bilənlərilə əlaqədar bulunmaq və onlardan təlimat və düsturüləməl əxz etmək üçün bir büro təşkil etsinlər və rusca bir qəzet çıxarmağa başlasınlar. Biz isə, Qafqazdan göndərilmiş məbusların içində üç-dörd nəfər təhsili-ali görmüş camaat işlərində iştirakları ilə məşhur olan məbusların həmin müsəlman “fraksiyasında” mövcud olacaqlarını nəzərə alıb, “Tərcüman” və “Vəqt” rəfiqimizin təkliflərini vacib ədd etməyiriksə də yenə nəfdən xali görməyirik və şayani-diqqət bilirik. Hər halda, biz ümidvarıq ki, dumaya getmiş ümumi müsəlman məbusları əsil millət nümayəndələri olduqlarını isbat edib və məqsədi-alinin hüsuluna doğruluq ilə xidmət edəcəkdirlər ki, hüququ ayaqlanmış, hər bir təzyiq və ədalətsizliklərə hədəf olmuş bir millətin müdafiəsi lazımdır. * * * Ordan-burdan 84 Rəfiqimdən məktub Peşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur. İndi də yazıbdır ki: Əzizim Filankəs, təvəqqə eləyirəm ki, bu göndərdiklərim kağızları aparıb tezliklə poçta salasan, yoxsa vaxtı keçir; ancaq təvəqqə eləyirəm ki, açıb oxumayasan, çünki içində məxfi sözlər yazılıbdır. Sözün doğrusu, bu sözlər mənə çox bərk dəydi. Dedim, indi ki belədir, mən mən deyiləm sənin kağızlarının hamısını oxumasam. O saat kağızların başını açıb, gördüm nə? Peterburqda Dövlət dumasının müsəlman üzvlərinə: Getdin gördün dum Nə eləyirsən “şurum-burum”* Otur yerində ağzını bərk-bərk yum. * * * Bakıda müsəlman qoçularına: Getdin gördün partapart Nə eləyirsən qaradavoy, saldat, Piştovunu çıxart, sən də bir yandan at. Qafqazda bir neçə mollaya oxşayanlara: Getdin gördün müsəlmanlar bir-birini qırır, Nə eləyirsən soruşub: kim kimi vurur? Get yeginən bozbaşı, gör necə keyfin durur! Dünyada bütün müsəlman dövlətlərinə: Getdin gördün Zəngəzurda ac Nə eləyirsən axtarıb əlac, Ciblərini tutub, dabanına tüpür qaç. * * * İstambulda Sultan həzrətlərinə: Getdin, gördün rəyət Nə eləyirsən ədalət və hürriyyət, Yapış boğazından, ver əziyyət. * * * İranda xanlara və bəzi İran konsullarına: Getdin gördün hammal, Nə eləyirsən sorğu-sual, Tez ol, başına bir qapaz sal. * * * Qafqazda bəzi müsəlman “başbilənlərinə”: Getdin gördün camaat, Nə eləyirsən onlara itaət, Bacar, cibin kəs o saət. * * * “İşto-mişto” bilən müsəlmanlara: Getdin, gördün müsəlman, Nə eləyirsən din, məzhəb və iman Bir danos yaz ki: “əto çelovek yaman”. * * * “Evli-eşikli” müsəlman cavanlarına: Getdin gördün “barışnə” Nə eləyirsən, arvad, uşaq, yeznə... (heyf ki, burasını oxuya bilmədim, heç nə!) Vəssalam! * * * İndi biz bu kağızları açıb oxuduq və rəfiqimin də məxfi işlərini duyduq, aya nə tövr eləyək ki, bu kağızlar gedib öz yerlərinə çatsın və “padloq” işimizin başı tutulmasın? * * * Ordan-burdan 85 Bu keçənlərdə İrəvandan bir kağız almışdım, məzmunu belə idi: ay Filankəs, ayıb deyilmi ki, bizim camaatı yoldan çıxarırsan! Mən də cavabında yazıb soruşdum ki, balam, nə qayırıram? Cavabında kağız gəldi ki, bəs, hə, “İrşad”ın bilmirəm hansı nömrəsində yazmışdır ki, ey müsəlmanlar, olmaya-olmaya erməniyə, urusa qatışıb, dumaya filan adamı göndərəsiniz. Bizim adamlarımız, uşaqdan tutmuş böyüyə kimi, sənin bu sözlərini oxuyan təki seçki kağızlarını cırıb getdilər hamama. Balam, allah sənə insaf versin! İndi mən bu kağız yazana deyirəm ki, çox əcəb, çox gözəl, indi hərgah, sən doğrudan da zirək uşaqsansa bir mənə söylə görüm, srağagün Dövlət duması tərəfindən gələn teleqramı oxumusanmı? Hərgah oxumamısansa, buyur, indi oxu, yazırlar ki, Bakı camaatı tərəfindən seçilib gəlmiş Mahmudov bir o qədər camaatdan həya eyləməyib lap oturduğu yerdə birdən-birə meydana çıxıb başladı ki, ay əsil millət nümayəndələri, Stolıpin özü götürüb, qoyduğu adamlar ilə işim yoxdur. Mən Sizə üzümü çöndərib... Teleqramı yazan adam and içirdi ki, Mahmudov bunu demişdi ki, dumada bir “vurçatlasın” düşübdür ki, gəl tamaşa elə, biri çığırdı, biri bağırdı, biri əl çaldı, biri mil durdu, biri dedi ki, mən zarafat filan sevən adam deyiləm, qərəz nə başını ağradım, Dövlət duması döndü Bakının Quba meydanına; ağzı deyənin qulağı səs eşitmirdi. Bunun da hamısına səbəb Mahmudovun meydana çıxıb urusa, erməniyə qoşulmağı idi. İndi sən insafın, bircə mənə söylə görüm, bu, biabırçılıq nəyə dəyərdi? Bircə de görüm, heç müsəlmana yaraşan iş idimi ki, Mahmudov görüb; orada öz-özünü nahaq yerə biabır elədi və cəmi yer üzündə olan müsəlman məxluqatın üzünü qızartdı, “goburnat” yanında başıaşağı elədi. Axı sən sözdür danışırsan, amma heç danışdığının dalını, qabağını fikir eləmirsən. Sən özün çox gözəl bilirsən ki, bir müsəlman bu gün, məsələn, durub bir pristava, ya bir naçalnikə iki qat baş əyib “izdirasti” deyəndə, naçalnik, ya pristav lamhala bir-iki kəlmə danışıb deyirdi ki: “paşol von”! Yazıq müsəlmanındaca ürəyi şad olub, döşündə fəxr eləyirdi ki, bəli, “ağa”nın iltifatı kəm deyil. Amma bundan sonra... hünəri var, bir müsəlman gedib naçalnikə “izdirasti” desin; and içirəm ki, bu səfər naçalnik heç “paşol von” da deməyib, onu da bizdən ötrü çox görər! Odur ki, deyirəm axı, mən biləni siz bilmirsiz. Əvvəldən mənim haray döydüyüm, fəryad elədiyim elə bu idi ki, ey müsəlmanlar, aman günüdür, yerinizdə farağat oturun. Biz müsəlman güruhunu hökumət qabağında xəcil və şərməndə eləməyin, yoxsa bir gün olar ki, Allah göstərməsin, cəmi verdiyini tutub geri alar! Amma mən nə qayırım? Müsəlmanlarda ittifaq yox, ittihad yox, İrəvan camaatı mənə qulaq asdı, amma Bakı quberniyası sözümə məhəlgüzar olmadı, odur ki, indi bir Mahmudovun üstündə bütün müsəlmanlar qaradavoydan tutmuş, ministrə kimi hamısının qabağında rüsvay olub getdilər... Ta, bundan sonra heç nə; bundan sonra bizim işimiz qaldı, bir Allaha! * * * Hürriyyəti-mətbuat Məlumdur ki, Rusiyada sair tayfaların mətbuatı bir hökumət senzuru tərəfindən təzyiq edildiyi halda, biz müsəlmanların mətbuatı iki senzur əmrlərinə tabe olmağa məcburdur ki, onlardan biri hökumət və digəri camaat senzurudur və sairələri yalnız bir hökumətin yaxasından tutub, hürriyyəti-mətbuat zühur etdiyi zaman, biz gərək bir əlimiz ilə hökumətin və o biri əlimiz ilə də camaatın yaxasından yapışıb azadi-kəlam istəyək. Lakin həqiqətdə hürriyyəti-mətbuat və azadi-kəlam nədir və nədən ibarətdir? Bu məsələni anlamaq üçün biz əvvəlcə bunu bilməliyik ki, görək hürriyyəti-kəlamın xalq üçün mənfəəti nədir? Hürriyyəti-kəlamın, yaxud azadi-mətbuatın ümumxalq üçün nəfi bundan ibarətdir ki, bunların sayəsində ümum əhalinin və ya məlum bir camaatın mübtəla olduğu dərdini şərh edib müalicəsi üçün tədbirlər axtarmaq mümkündür. Məsələn, fərz edəlim ki, hökumət tərəfindən vəzd olunmuş bir nizam və ya qanun bir vaxt ümumi əhalinin rəfa və asaişlə məişət sürməyinə mane olur. Bu məmaniətə qarşı ümumi və qəti bir etiraz edib, rəfini tələb etmək üçün ancaq mətbuati-şafi bir vasitə ittixaz etmək mümkündü. Və yaxud tutalım ki, bir məmur öz zülm və təəddisi ilə bir güruhi və bir camaatı cana gətirməyə başlayıbdır. Bu məmurun rəftar-zülmkaranəsini yerinə yetirib, xilasına çalışmaq dəxi, yalnız bir mətbuat vasitəsilə ola bilər. Bəs bunun üçündür ki, mətbuat dəxi bu vasitəlik vəzifəsini layiqincə yerinə yetirmək üçün mütləq hürr və azad olmalıdır. Vaxti ki, “senzur” idarələri bu gunə fəqərələrin mətbuata səbt olunmasını qoymayır, onda məlum olur ki, həmin “senzuru” təyin etmiş hökumət öz əhalisinin yaxşı və yaman gün keçirməsinə heç bir əhəmiyyət verməyib, ümum əhali mənafeyini öz əmrinə qurban edir, yəni əhalinin, məmləkətin qeydinə qalmayıb, ancaq hökm sürmək, hökmfərma olmaq və bilaxır, əhalinin boynuna minmək arzusunda bulunur. Bizim camaatın dəxi hüriyyəti-mətbuata düşmən olan üzvləri yenə də fəna fikirdə olub öz şəxsi mənfəətlərini ümumcamaat mənafeyindən artıq bilirlər və ikincisini birincisinə fəda etməyə çalışırlar. Lakin bainhəmə, hürriyyəti-mətbuata düşmən olmayanlar dəxi bu sözlərin mənayi-həqiqəsini anlamayıb, azadi-kəlamı və hürriyyətimətbuatı öz şəxsi və camaat mənafeyinə heç bir dəxli olmayan işləri üçün bir alət bilib, onunla sui-istifadəyə çalışırlar və bir çox vaxt qəzetəçilərin hürriyyətpərvərliyi ilə nəfbərdar olub, onları zəlalətə salmaq üçün öz şəxsi işlərini ümumi bir rəngə boyayıb, mətbuat vasitəsilə camaat mühakiməsinə vagüzar edirlər. Lakin bu gunə həriflər, əksər ovqat, bir şey qazana bilməyib, bəzi vaxt özlərini dəxi el mühakiməsi qabağında fəna və tənbihə layiq bir surətdə göstərirlər. Mətbuatın vəzifəyi-müqəddəsəsinə ehtiram və əhəmiyyət nəzərilə baxanlar hürriyyəti-mətbuat və azadiyi-kəmalın mənayihəqiqisinə layiqincə vaqif olub, qəzet sütunlarını öz şəxsi mənfəətinə alət etmək təşəbbüsündən hər vaxt ictinab etməlidirlər. * * * Ordan-burdan 86 Hürriyyəti-kəlam, hürriyyəti-şəxsiyyə, hürriyyəti-ictimai, hürriyyəti-mətbuat, hürriyyəti-vicdan. Həmin bu beş hürriyyətlərin üstündə bir çox qanlar töküldü. Canlar güdaza getdi. Camaat dedi: “Alacağam”. Hökumət dedi: “Verməyəcəyəm”. Camaat dedi: “Öləsən də alacağam”. Hökumət dedi: “Öləsən də verməyəcəyəm”. Xülasə, indi də elə bunların üstündə camaat ilə hökumətin arası düzəlməyibdir. Ancaq indi görək bu hürriyyətlər nədir? Məsələn, baxaq görək hürriyyəti-kəlam nəyə deyirlər. Bunun üçün lap əvvəl baxaq görək hürriyyəti-kəlam nəyə deməzlər. Bu gün bazara çıxıb və bir neçə məclisə girib, xalqı söyüb biabır eləməyə hürriyyəti-kəlam deməzlər. İndi özünüz baxın görün hürriyyətikəlam nəyə deyirlər. Gecə vaxtı birisinin evini yarmağa və ya günün günorta çağı bir adamın cibinə əl salmağa hürriyyəti-şəxsiyyə deməzlər. İndi də baxıb görək hürriyyəti-şəxsiyyə nəyə deyirlər. Camaatı işdən-gücdən eləyib, bir yerə yığmağa və özünü onlara göstərmək üçün çığıra-çığıra bir “reç” deməyə hürriyyəti-ictima deməzlər. İndi baxın görün hürriyyəti-ictima nəyə deyərlər. Bir əcnəbi arvadına bənd olub, birdən-birə mürtəd olmağa hürriyyəti-vicdan deməzlər. İndi baxın görün hürriyyəti-vicdan nəyə deyirlər. Qəzeti “həlim aşının” qazanı bilib, ələ gələni içinə doldurmağa və ağzına gələni ona yazdırmağa hürriyyəti-mətbuat deməzlər. İndi baxın görün hürriyyəti-mətbuat nəyə deyirlər. Hürriyyəti-mətbuat dedim yadıma Osmanlı senzoru düşdü. Bir dəfə “Vəqt” qəzetəsini oxuduğum yerdə belə xəbərə rast gəldim: “Osmanlıda Aydın vilayətində bərk yağmur olub, əhaliyə xeyli zərər olduğunu Osmanlı senzoru qəzetələrdən pozmuşdur”. İndi bunu görüb mən də fikir eləyirəm: nə yaxşı olardı ki, Osmanlı senzoru Qafqaz qəzetələrinə də baxıb, Zəngəzur zərərdidələrinin əhvalatını poza idi və bizim “ürəyi yuxa” dövlətlilərimizin qəlbini xarab eləməyə idi. * * * Zəngəzur dedim yadıma bir nağıl düşdü. Günlərin bir günü bir zəngəzurlu müsəlman aclığa tab gətirə bilməyib, yerə yıxılıbdır və deyibdir ki: “Ay aclıq, sən nə güclüsən?”. Aclıq cavab veribdir ki: “Balam, güclü olsa idim çörək mənə əsər edə bilməzdi”. Zəngəzurlu deyib: “Ay çörək, sən nə güclüsən?”. Çörək cavab veribdir ki: “Balam, güclü olsa idim, məni pul ilə satın alıb yeməzdilər... Zəngəzurlu deyib: “Ay pul, sən nə güclüsən?”. Pul cavab veribdir ki, “Güclü olsa idim, dövlətli müsəlman məni sandığa basıb, ağzını da bərk-bərk bağlamazdı”. Zəngəzurlu deyib: “Ay dövlətli müsəlman, sən nə güclüsən?”. Dövlətli müsəlman cavab veribdir ki: “Ay balam, mən nə tövr güclüyəm, sən müsəlmanı orada acından ölən görüb, bir tikə çörək uzatmağa da ürəyim gəlməyir!”. O yedi yerə keçdi, sən də ye dövrə keç! * * * Dövlət şurası və Rusiya müsəlmanları Biz unutmamalıyız ki, Rusiyada bizim şadlığımıza səbəb olan dövlət duması ilə bərabər, qəm və ələmimizə bais olacaq bir Dövlət şurası dəxi mövcuddur. Dövlət şurası Dövlət dumasından qabaq dəxi ərzi-vücud etməkdə idi; ol vaxtlarda Dövlət şurası ministirlərdən və padşah tərəfindən təyin edilən üzvlərdən, təşkil edib, qanun vəzlərində ministirlər ilə müşavirədə bulunmaq vəzifəsini ifa etməkdə idi. Zatən bu məclis bürokratların zübdələrindən əmələ gəldiyinə görə camaat mənafeyinə dair heç bir təşəbbüsdə bulunmayıb, ancaq ministirlər heyəti tərəfindən vəz olunan qanun və nizamları bilamübahisə və müzakirə təsdiq etməyə məşğul idi. O səbəb görə də əvvəllərdə Dövlət şurasının vücudiədəm – nə bərabər olub, heç bir əhəmiyyətə layiq deyil idi. Lakin Rusiyada azadlıq hərəkatı başlanıb vəkaləti-maliyyə təşkili lüzum görüldüyü vaxt Dövlət şurasının əhəmiyyəti artdı. 1906-cı sənəsi fevralın iyirmisində sadir olan manifestə görə Dövlət şurasına vəziqəvanində iştirak etmək ixtiyarı verilib, heyəti dəxi bir dərəcəyə qədər təğyirə möhtac oldu. Əlan Dövlət şurasının üzvləri iki qismə bölünürlər. Onlardan bir qismi padşah tərəfindən təyin olunub, digər qismi isə müxtəlif müəssisələr tərəfindən intixab olunan adamlardandır. Dövlət şurasının əhəmiyyətinin artırılması və Dövlət duması ilə həmhüquq və həmixtiyar olması əhalini məsrur edəcək hallardan deyil, çünki bu məclisin mövcud olması əsasən, Dövlət dumasının hökumət nəzərincə əfradi-külli görünən əmalını bir dərəcəyə qədər “ətidal” surətinə salmaq nöqteyi-nəzərindən irəli gəlir. Dövlət duması tərəfindən tətbiqi təklif olunan qanun layihələrini rədd etməyə Dövlət şurası muxtardır. Dövlət şurasının üzvləri dəxi bürokratiya və burjuaziya siniflərinin ən zübdələrindən olduqlarına görə, məlumdur ki, duma ilə hələm-hələm müvafiq edə bilməyəcəkdir, yəni ümumi imperiya əhalisi üçün Dövlət duması tərəfindən lüzumlu görünən qanunları tətbiq etdirmək üçün duma Dövlət şurası ilə çəkişməyə məcbur olacaqdır. O ki qaldı Rusiyada olan sair tayfalara – onlar üçün bilxüsus lazım olan qanun və nizamnamələr dəxi Dövlət şurasının təsdiqinə ehtimal bir çox çətinlik ilə layiqi-təsvir olacaqdır. Çünki ümumimperiya əhalisinin mənafeyini xələldar etməyə müvəzzif olan bir məclis, ayrı-ayrı tayfaların mənafeyini iqmaz etməkdən heç çəkinməz. Biz Rusiya müsəlmanlarına qalırsa, Dövlət şurasının “mərhəmətindən” elə günü bu gündən qəti ümid olsaq, heç bir xəta etmərik, çünki biz müsəlmanlar tərəfindən Dövlət şurasında vəkil yoxdur. Biz o məclisi-alidə iştirakdan məhrumuq. Binaən əleyh, Dövlət dumasında Rusiya müsəlmanlarından ötrü nəfli görünən qanun və nizam layihələrini o cürə bir məclis təsdiq etməlidir ki, onun üzvlərinin bir qismi, məsələn, dvoryanlar, tacirlər nümayəndələri müsəlman və sair tayfalar mənafeyinə, mütləq, əhəmiyyət nəzərilə baxmayanlardandır. Digər qismi isə, yəni əyan və xristian ruhanilərin başçıları həmişə müsəlman ziddinə təzyiq və məhvinə çalışanlardandır. Bunu nəzəri-etibarə aldıqda, Dövlət Şurasından heç bir yaxşılıq gözləməməyimiz hər bir kəscə təbii görünməlidir... * * * Ordan-burdan 87 Tazə xəbərlər Bakıda – işlər elə haman təhərdə qalıbdır. Gecələr səhərə kimi partapart, günüzlər də get qazamatda yat. Müsəlman oğruları müsəlman kişilərindən əl çəkib, indi də müsəlman arvadlarını soymağı, bir iki gündən bəridir ki, qaydaya qoyubdurlar. Ayın iyirmisinə iyirmi gün qaldığına görə hələ məlum deyildir ki, görək şəhərin upravasının kassasında pul var, yoxsa yoxdur. Partapart əsnasında yaylım güllələrin hamısı, həmişəki kimi, yenə İran əhlinə dəyir. Bakı polisi oğruları və qatilləri tutmaq üçün, elə bir ucdan tədbirlər ittixaz eləyir. Deyirlər ki, məhərrəm ayı qurtarandan sonra şəhərin müsəlmanları yenə qayda üzrə gündüzlər qoç döyüşdürüb və it boğuşdurub, gecələr də fişəng atmağa başlayacaqdırlar. * * * Gəncə quberniyasının oğruları söz bir olubdurlar ki, bundan sonra ittihad və ittifaq ilə iş görüb, bütün Gəncə quberniyasını bir gündə soyub qurtarsınlar. Pristavlar çox ədalətlə iş görməyə başlayıbdırlar: Əvvəla, kənd kişilərini döydürməyə aparanda arvadlarını apartdırırlar ki, kişiləri qəriblik çəkməsin və bir də cəmi strajniklərə bərk tapşırıbdırlar ki, ta bir də oğrulara qoşulmayıb, özlərini yaxşı aparsınlar. Hökumət allahdan istəyir ki, Qarabağda-filanda yenə bir adam öldürsünlər ki, “ekzekusiya” qoymağa bəhanə olsun, çünki, heç bilirsinizmi ki, bu cürə “ekzekusiya”ların xəzinəyə nə qədər nəfi var?! * * * Rusiyada bir deyirlər ki, Dövlət dumasını bağlayacaqdırlar, bir də deyirlər ki, yox, bağlamayacaqdırlar. Adam bilmir ki, hansına inansın. “Əsil urus adamları” deyirlər ki, əgər bu səfər də Dövlət duması hökumətin sözünə qulaq asmasa, yəqin bilin ki, cəmi təqsir yəhudi tayfasındadır. Əcnəbi qəzetələri yazırlar ki, payız fəsli Rusiyada bir o qədər qarpız yox idi, nə qədər ki indi bomba vardır. * * * Ordan-burdan 88 Dövlət dumasına dair Bir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular. * * * Ondan sonra hər kəsin hünəri var, çıxıb desin ki, Rusiyanı aclıq basıbdır, ya Qazan quberniyasında müsəlmanlar aclıq ucundan qızlarını satırlar. Gərək deyəsən ki, xeyr, Rusiyada çox bolluqdur və Qazan quberniyasının müsəlmanları da çox keyfi kök dolanırlar və qızlarını da satmayıbdırlar, əgər satıbdırlarsa da satmayıbdırlar, ərə veribdirlər, deməli, Rusiyada toydur. * * * Əslinə baxsan, bu zaman Rusiyada həmi toydur, həmi vay. Məsələn, görürsən ki, bir dəstə “bədəfkarlar”, hökumət xəzinəsinin üstünə tökülüb, birdən-birə neçə min manat pul aparırlar. Hökumət xəzinəsi qalır ağlaya-ağlaya. Demək, bu surətdə bədəfkarlardan ötrü toy olur, hökumət üçün vay, ondan sonra eşidirsən ki, hökumət bir dəstə “bədəfkarı” tutub, cümləsini asdırıbdır. Deməli, bu surətdə də hökumətdən ötrü toy olur, “bədəfkarlar” üçün vay və habelə, getdikcə gedir və hələ heç bir kəs bilməyir ki, bunun axırı hara çatacaqdır. * * * Rusiyanın bu halını görəndə, həmişə mənim yadıma bir əhvalat düşür. Sizin, özünüzə də, cənab oxucular, məlumdur, görürsən məsələn, bir adam özgə bir adamın yanına hesab çəkməyə gedir. Əvvəl, bunlar bir-birini görəndə çox mülayimətlə keçinirlər; ev sahibi onun altına stul çəkir, o da deyir ki, əşi, zəhmət çəkmə; və yenə ev sahibi ona papiros təklif edir, o da deyir ki, razıyam və yenə ev sahibi ona çay gətirir, o da deyir, məni çox xəcalət elədin, sonra ev sahibi soruşur ki, kefin necədir? O da cavab verir ki, canına duvaçı varam. Qərəz, bir qədər bu cür canfəşanlıqdan sonra hesab söhbətini araya salırlar. Burada görürsən ki, hər iki hərifin sifəti “seryoznı” oldu. Canfəşanlıqdan, filandan daha nişanə qalmayır, bir qədərdən sonra görürsən ki, həriflər bir-birinin üstünə çığırırlar və lap axırda, kəmali qayda ilə dalaşırlar. İndi hökumət ilə duma əhli dəxi əvvəlcə bir-birini görəndə canfəşanlıq elədirlər. İndi, hər iki tərəf “seryoznı” oturubdur. Ancaq qalıb bir bunların dalaşmağı ki, o da bu günün, sabahın işidir... * * * Dərin quyular Rusiya məmləkəti müxtəlif millətlər tərəfindən iskan edilibdir və indiki Rusiya padşahlığını təşkil edən dəxi bu millətlərdir. Bunlardan ən böyük, əvvəl rus milləti olub, sonra müsəlman millətidir. Sair millətlər isə nüfuzca bu ikisindən azdır. Lakin bunlar bu azlıq ilə bərabər yenə də müsəlman və rus millətlərindən xoşbəxt ədd oluna bilərlər. Çünki bunların hər biri öz-özlüklərində ayrı-ayrı cəmiyyətlərdən ibarət olub, zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni, öz üzvləri aralarında dəxi müttəfiq və müttəhiddirlər. Odur ki, hər bir tədafe və təərrüz məqamında ümumi, milli bir ittifaq təşkilinə məcburdurlar. Bunların bu zahiri və batini ittifaq və ittihadi-millilərinə səbəb odur ki, bu qədər zaman hökmfərma olan mütləqiyyət nə qədər səy və kuşişdə bulundusa, yenə də bu millətlərin hər birinin içində, yəni öz üzvləri arasında onları bir-birindən ayırmaq məqsədilə dərin-dərin quyular qazımaq üçün heç bir müsaid yer tapa bilmədi. O, yəni mütləqiyyət quyuları əvəzinə, yalnız əyri-müyrü və kala-koturluqlar törədə bildi. Amma yenə də bunların hamı millət mücahidlərinin birinci təşəbbüsati-həmiyyətməndanələri sayəsində bir tez zamanda təsviyə olunub və hamarlanıb yox oldu. Və bundan naşidir ki, bu millətlərin üzvləri bir-birinə əl uzadıb ümumi, milli bir ittifaq təşkil etmək üçün öz aralarında buna mane olacaq bir fəsl, bir məmaniət görməyirlər və bu səbəbə hər bir ümumi işlərdə bu millətlərin üzvləri müxtəlif əqidəli və müxtəlif nəzərli görünürlərsə də, yenə ittifaq və ittihadı əldən buraxa bilməyirlər və “biri hamısının və hamısı birinin ardınca” iş görürlər. Rusiya mütləqiyyətinin quyu qazan alatı bu millətlərin içində daşa və qayaya çırpılıb, bihudə sərf olundusa da, yalnız rus millətinin və biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər tapdı. Rus millətinin içində quyular qazımaq üçün haman mütləqiyyət mindən ziyadə sənələr sərf etdi və bu “kənkan”lıqda yalnız olmayıb, Rusiya ruhani qısmilə bərabər iş gördü və axırda quyunu qazdı. Haman quyunu görmək və ya hiss etmək üçün Dövlət dumasına ətfi-nəzər edib, “sağ”ları və “sol”ları və bunların amal və əfkarında, əqidə və məsləklərində müşahidə olunan fərq və təfavütü nəzərə almalıdır. Bizə qalırsa, biz müsəlmanların arasında quyular qazımaq üçün Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi, çünki bizim aramızda şərir əllər əvvəldən quyu qazıb hazır qoymuşdular, o quyunu ancaq bir qədər də dərinləşdirmək və lazım olsa digər bir quyu qazımaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da. Əvvəlcə bizim gözümüzü yumdu və ondan sonra başlayıb “şeyxülislam təyini, müfti nəsbi, “Ömər” şkolası küşadı, “Əli” şkolası təsisi, şiə zakona-uçiteli, sünni zakonauçiteli təyini ilə bərabər, sair fəsadlar ilə bizim aramızda əvvəlcədən qazılmış olan şiə və sünni quyusunu daha gen və daha dərin bir qəri-nayab edib, ləzgi, tatar, müsəlman ibarələrilə dəxi digər bir quyu qazıb, rahət və arxayın olub oturdu. İştə, o səbəbdəndir ki, biz, rus hökumətinin Rusiya azadlıq hərəkatına cəlbi-diqqət etməsindən istifadə edərək yavaş-yavaş gözümüzün örtüyünü açmağa müqtədir olmuşuq. Amma nə fayda ki, aramızda mövcud olan gen və dərin quyuları görüb, yek-digərimizə əl uzada bilməyirik. Birdən-birə irəliləmək dəxi xatadır. Çünki quyuların sərazir olmaq təhlükəsi vardır. Pəs, nə eləmək? Nə yol ilə bir-birimizə yaxınlaşıb, əl-ələ tutuşmaq? Zənnimcə burada üç yol vardır: Quyuları dolanıb, kənardan bir yol aramaq, yəni bu məsələləri bilahəll və fəsl qoyub bir tövr ilə ittihad və ittifaqa çalışmaq, “fanatizmi” qaldırmayıb, onun da ətrafından dolanmaq. Quyular üzərindən bir körpü salmaq, yəni, haman məsələni həlsiz qoyub, birdən-birə özgə məsələlərə keçməklə külliyyətin diqqətini dəxi onlara cəlb etmək. Quyuları doldurub bilmərrə basdırmaq. Yəni illər sərf edib, güc ilə bu məsələnin aradan bilmərrə götürülməsinə qeyrət etmək. Lakin indi təqazayi-zəmanəyə görə, bu üç yolların hansı birini ixtiyar etmək lazımdır? Bu barədə öz fikrimizi söylərik. * * * Ordan-burdan 89 Daha görün nə var! Dünən Zəngəzurdan, Sisiyan mahalından gəlmiş bir məktubu oxudum və yenə dünən Dağıstan tərəflərindən bir əhvalat eşitdim. Nə kağızın məzmununu və nə də əhvalatın nə olduğunu burada söyləməyəcəyəm və deməyəcəyəm ki, haman kağızın axırında on nəfər adamın qolu var idi və Dağıstan əhvalatını söyləyən adam da çox mötəbər şəxs idi. Heç burasını söyləməyəcəyəm ki, kağızı yazıb qol qoyanlar Sisiyan mahalında bəzi “Molla” adlı, amma, iblis sifətli adamlardan şikayət ediblər (belə rəvayət eləyirlər ki, iblis həmişə insanları bir-birinə yaği eləyir) və heç ağız açmayacağam ki, Dağıstan ətrafında qara-qara adamlar qara-qara xəbərlər salıb, qara-qara ağılları, qara-qara işlərə və qara-qara ürəkləri, qara-qara təmələrə həris etmək üçün qırmızı adamlardan qırmızı pullar alıb, qırmızı işlər görmək istəyirlər. Bunu dəxi ürəyimdə saxlayıb, heç kəsə deməyəcəyəm ki, haman “Molla” adlı və [...] sifətli adamlar mərifətsizlik zülmətinin içində ola-ola öz adlarını “alim” qoyub, nadan və qanmazların pislərindən də pis hərəkət çıxardırlar və həmin qara ürəkli adamlar da öz əcdadlarına ən alçaq bir nökərçilik edib, axırda öz qardaşlarının cəlladları olmaq divanəliyinə mübtəladırlar... Qərəz, bu sözləri mən açıb, demək istəməyirəm, ancaq üzümü bütün müsəlmanlara tutub... əzoncümlə deyirəm: Daha görün nə var! * * * Hamı bilir ki, ittifaq yaxşı şeydir və hamıya məlum-dur ki, əgər şəhadət barmaq baş barmaq ilə ittifaq etməsə, heç vaxt ispiçkə çöpünü yerdən götürə bilməzlər. Amma bainhəmə, hər kəs ittifaqı bir ayrı cürə anlayır. Məsələn, birisi deyir ki: İttifaq çox yaxşı şeydir, amma bunun “donos” yazmağa heç bir dəxli yoxdur. Bir ayrısı deyir: İttifaq çox gözəl şeydir, amma bunun pul qırmağa və pul qırmaq üçün iki qardaşı bir-birinə qırdırmağa heç dəxli yoxdur. Bir özgəsi deyir: İttifaqın heç əvəzi yoxdur, amma bunun xalqı tovlayıb cibini kəsməyə nə dəxli var? Bir qeyrisi də belə deyir: İttifaq dedikcə yaxşı şeydir, amma bunun xalqa badalaq qurub yıxmağa nə dəxli var? Və bunlar hamısı ittifaqı bu cürə anlayıb bu cürə də iş görürlər. Odur ki, məsələn, mənim kimi ittifaqı özgə cürə anlayan yazıqlar belə-belə zadları görüb, çox vədə mat qalırlar və az vədə deyirlər ki: Paho! Dünyada qəribə bic-bic adamlar varmış!.. * * * Dövlət Duması buraxılacaqmı, yoxmu? Əlan, bir-birinə zidd olan iki şayiə bizi gah məyus və gah məmnun etməkdədir. Bir şayiəyə görə hökumət, yəni baş vəzir Stolıpin və onun kabinəsi Dövlət dumasını buraxmaq fikrindədir. Digər şayiəyə görə bu xəbər əsilsiz olub, Dövlət dumasının bəqası ümid edilməkdədir. Bu şayiələrdən hansı biri doğrudur, bilmək çətindir. Çünki çox ola bilsin ki, baş vəzir Stolıpin dumada “sol firqə”lərin əksəriyyəti təşkil etmələrini gələcək hökumət üçün bir fali-bəd hesab edib, indidən dumanı dağıtmağı səlah görür. Amma o biri tərəfindən dəxi məlumdur ki, dumanın “sol”ları hələ heç bir şiddətli və ifratlı tələblərdə bulunmayıbdırlar ki, bu da onların qovulmasına bəhanə olsun. Hər bir halda, mənim zənnimcə, stolıpinlər burasını nəzəri-etibara almalıdırlar ki, dumaya və dumanın tələbatına qulaq asmaqsızın, onu buraxmaqla axırda acı bir peşimançılıqdan başqa heç bir şey qazanmaq olmaz. Bu da məlumdur ki, dumanın mövcud olmağı hamının diqqətini cəlb edib, getdikcə rahatlıq və sakitliyə səbəb olduğu halda, onun buraxılması min cürə nizamsızlıqlara möcib olub, axırda məmləkəti anarxiya halına sala bilər. Lakin ola bilsin ki, cənaban Stolıpin nizamsızlıqlardan və anarxiyadan da heç bir bak etməyib, onları hər dəfə yatırtmağı öz qüdrət və qüvvətləri dairəsində ədd edirlər. Elə isə, stolıpinlər birinci dumanın buraxıldığı gündən indiyə qədər şiddətlə davam edən nizamsızlıqları ya görmürlər və yaxud millət davasına, millət mübarizəsinə “qorxutmaq” politikasını müqabil edib, buna ümid bağlayırlar. Fəqət bizim gördüyümüz və hiss etdiyimiz budur ki, “cəbr və zülm” və ya “qorxutmaq” politikası bu həngamda hökumət üçün heç bir nəf gətirməyib, hər iki tərəfdən, yəni həm millət tərəfindən tələf olan qurbanların getdikcə ədədini artırır, bu isə hökumət üçün zərər olan kimi, millət üçün də zərərdir. Fəqət burada hökumətin zərəri millətinkindən daha artıq hiss olunur. Çünki millət və camaat mübarizəyə qalxdığı vaxt öz zərər və ziyanına bir o qədər əhəmiyyət verməyib, onları öz məqsədi-alisi naminə qurban edir. Hökumət isə məqsədi, hər bir ülviyyətdən ari olduğuna görə, cüzi həyəcanları da özü üçün ağır və təsirli hesab edir. Əgər bu şuriş, bu inqilab ki, – bütün Rusiyanı bürüyüb və ənzari-əcanibi cəlb edibdir – Rusiyada olan özgə bir tayfanın müvəqqəti bir qiyaminə və üsyanına oxşasaydı demək olar ki, onu vaqiən, “cəbr və zülm” və “qorxutmaq” politikası ilə təskin edib yatırtmaq mümkün olardı. Lakin elə iş burasındadır ki, Rusiyanın bu azadlıq hərəkatına müvəqqəti qiyam və üsyan demək olmaz. Bu, Polşa, (Löhistan) qiyami deyildir, Dağıstan üsyanı deyildir, erməni cümbüşü deyildir ki, onu top, tüfəng və əsgərlər vasitəsilə sakit etmək mümkün olsun. Bu, Ümumrusiya dövləti əhalisinin müruri-zaman ilə artmaqda olan tərəqqi və təkamülündən irəli gələn tarixi bir hadisəyi-əzimədir ki, onun bir bu qədər davam etməsi təbii görünən kimi, heç bir cəbr, zülm və sitəm ilə yatırılmayacağı, dəxi, bir o qədər təbii görünməkdədir. Bu bir zamandır ki, ümummillət indiyə qədər ağzı, dili yox bir qul kimi yaşadığını anlayıb, bundan sonra da eləcə yaşamayacağını qəti surətdə elan edibdir. Cəbr və zülm ilə millət öz sözündən geri durmaz, bəlkə öz qərarını daha şiddətli, daha qəti bir surətdə isbatə çalışar. Əgər bir qul öz əhvali-müəssifəsini anlayıb, cəbr və təzyiq altında qul kimi eləcəyini başa düşərsə, zənnimcə, qiyam və mübarizəyə qalxıb qəhrəman kimi can verməyi əfzəl bilər. Rusiyada ümuri-idarənin fəna və pərişanlığı, əhalinin həyat və məişəti-ictimaiyyə və iqtisadiyyəsinin pisliyi, mədəniyyət və mərifətcə pəsməndəliyi və nəhayət, yapon kimi kiçik bir millətə basılmağı onun qul kimi haldan düşüb, zəifləşməyinə dəlildir. Millət dəxi bunu anlayır. Qulluq boyunduruğundan bir tezcə xilas olmağa da dartınır. Əgər buna mane olsalar da onu cəbr və zülm ilə bu xilas olmaq niyyətindən əl çəkməyə məcbur etmək istəsələr, müvəffəq olmazlar. Çünki bir vaxt yetişər ki, ümumi millət bir ruh və bir cism olub, son və qəti qərarını elan edər. Ölmək ölməkdirsə, qul kimi ölməkdən qəhrəman kimi ölmək yaxşıdır! Görəsən, stolıpinlər bunu anlayırlarmı və bu gələcək ani pişəzvəxt nəzərə alırlarmı? Əgər elə isə onlar dumanın dağılması niyyətlərindən sərfi-nəzər etməlidirlər və deyilmək üzrə birinci dumanın dağılmasından doğrudan da peşimandırlarsa, ikinci dumanın dağılmasından daha acı bir peşimançılıq çəkəcəklərini indidən özlərinə təlqin etməlidirlər. * * * Ordan-burdan 90 Belə rəvayət eləyirlər ki, stolıpinlər və sair ministirlər birinci dumanı dağıtdıqlarına görə çox böyük peşiman olub, əllərini dizlərinə çırpırlar və hərdən deyirlər: vay, fələk, evin yıxılsın, bu nə pis iş idi ki, bizim başımıza gətirdin! Fələk də deyir ki, balam, mən nə qayırım, əvvəlinci dumanı dağıdan da siz oldunuz, ikinci dumanı yığan da. Ministirlər də başlarını aşağı salıb, qəm və kədər ilə deyirlər: axı, biz nə bilirdik ki, ikinci duma belə yaman olacaq. Fələk də cavab verir ki, indi ki, siz heç zad bilmirsiniz... Da fələyin o biri sözlərini hələ eşitmək mümkün deyil; çünki burada “hürriyyəti-mətbuat”ın axır-uxurudur. * * * Axır-uxur dedim, yadıma dünyanın axırı düşdü. Bəli, İtaliya münəccimlərinin deməyinə görə 5-6 gündən sonra qiyamət bərpa olacaqdır. Ancaq bu xəbər doğru da olsa, heç bundan qorxmaq lazım deyil. Çünki bizim ölümdən qorxmağımız o səbəbdəndir ki, biz hamımız xudpəsənd və paxıl adamlarıq. Deyirik: heç rəvadırmı ki, mən ölüm, amma Məmmədcəfər yaşasın. Amma qiyamət bərpa olsa, ta Məmmədcəfər də diri qalmaz və biz hamımız yoldaşlıq ilə ölərik. O ki, qaldı bizim iş-gücümüzə, nə var: onları o dünyada da görmək olar. Çünki bizim işlərimizə baxılsa, bizdən ötrü o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Ələlxüsus hökumət üçün o dünya ilə bu dünyanın heç bir təfavütü yoxdur. Odur ki, indi işlərini heç əldən buraxmayıb, yenə asdırmaqda, kəsdirməkdə, aramaqda, axtarmaqdadır. Məsələn, srağa, gün Bakı hökumətinin könlünə adam axtarmaq həvəsi düşmüşdü. Bilmirdi ki, hara getsin və kimi axtarsın. Fikir elədi, elədi, axırda alnına vurub dedi: “Hə, bildim!”. Və yola düşüb getdi və gəlib “İslamiyyə” mehmanxanasına yetişdi və xalqı axtarmağa başladı və mən də orada idim, məni də axtardı və xalqa çox əziyyət verdi və axtarmamış yer qoymadı və xalqın yorğan-döşəyini eşələyib, az qaldı ki, balışların və mütəkkələrin bağırsaqlarını çıxarsın və heç nə tapmadı. Ona görə bərk acığı tutdu və istədi ki, mehmanxananın çəngəl-bıçaqlarını aparsın. Amma çəngəl-bıçaq ilə xörək yeyildiyinə görə və xörək yeməkdə də xilafi-hökuməti bir şey olmadığına görə əliboş getməkdən savayı bir əlac tapmadılar. İndi bilmirəm, Bakıda “İslamiyyə” mehmanxanasını axtarmaqda hökumətin fikri nə imiş, yoxsa belə güman eləyir ki, “İslamiyyə” panislamizm sözündən çıxıbdır. * * * Hökumət və millət Bəşəriyyətin tarixinə, tarixi-tərəqqi və təkamülünə bir nəzər atarsaq və hökumət ilə millət arasında törənmiş və getdikcə təqviyə tapmış münasibatına diqqət yetirərsək, bunu müşahidə edərik ki, millət və hökumətin bu münasibatı üç dövrə bölünür. Ən əvvəllərdə, demək olar ki, hökumət yox idi, onu icad edən millətin özü oldu, həmrəy və həmrahlıqla dolanmağın vəfaq və ittifaq ilə iş görməyin mənfəətini və gözəlliyini anlayacaq dərəcə ağıl və kəmalə malik olmayan millət özünün onun üçün rəhbər ola bilən və onu idarə edə bilən bir başçıya möhtac olduğunu görüb, öz arasından bir hakim seçdi. Daha doğrusu, hakim özü seçildi və bununla hökumətin əsası qurulub, getdikcə münazzəm və qəvi bir şəklə girdi. Ən əvvəl, hökumətin ixtiyaratı bir o qədər geniş olmayıb, millətin hər bir xüsusda və hər bir surətdə işə iştirak etməsilə məhdud idi. O vaxtlar hökumətə, özgə nəzərilə dəxi baxılırdı. Hökumət dəxi öz vəzifəsini özgə cürə anlayırdı. Millət hökuməti öz arasında vaqe olan mübarizat və mücadilati-daxiliyyəni rəf edə bilən bir hökm və xarici düşmənlərin hücumunu dəf etməyə borclu olan bir gözətçidir. Ümuriidarəyə qalırsa bu babdə də hökumət millətə, nəinki millət hökumətə köməkçi idi. Lakin sonralarda müruri-zaman ilə hökumətin əvvəlki şəkli təğyir tapıb, millət getdikcə hökumətə hər bir işlərdə hazır olmağa məcbur oldu. Hökumət də millət üstündə hökmfərma olmağa başlayıb, bir zaman yetişdi ki milləti özünə qul və nökər edib özü də hakimi-mütləq olsun və getdikcə iş o yerə çatdı ki, hökumət öz əvvəlki hakimlik və gözətçi və pasbanlıq vəzifəsini tamam yaddan çıxardıb, öz millətini təzyiqə başladı. Və bundan naşi olaraq, millətin öz işində cürbəcür siniflər, silklər və ayrılıqlar törənib, hamısı hökumət əlində müztər qaldılar. Orta əsrdə hökumət mütləqiyyəti və milləti übudiyyəti son dərəcələrədək varib, hər bir yerdə hökm sürmək və hökmə tabe olmaq qanuni bərpa oldu. Tərəqqi və təkamüldən layiqincə bərpa olan millətlər indi haman qanuna tabe olub yaşamaqdadırlar. Əgər ülum və fünunca tərəqqi olmasaydı, Allah elə bilir ki, millətlərin hökumət əlində halı necə ola bilərdi? Lakin milləti hökumət mütləqiyyətindən xilas edən tərəqqi və təkamül oldu. Bunların bərəkəti sayəsində millət ağıl və kamal qazanıb, məişətin gözəl yollarını tanıdı və tanıyıb da ən əvvəl özünü hökumət çəngalından qurtarmağa səy etdi. Tərəqqi və təkamülün parlaq bir dövrünə çatmış olan Yevropa millətləri hökumət ilə millət mübarizəsindən ibarət olan “inqilab”ın ibtidasını qoydular və mübarizələrdə qanlar töküb və canlar fəda etməklə, mütləqiyyətə qalib oldular. Və hökumətin ixtiyaratını məhdud edib, ümuri-idareyi məmləkətdə onu özlərinə köməkçi etmədilərsə də fəqət özləri ona köməkçi, həm də nazir oldular. Əlan bizim bu Rusiyada vaqe olan inqilab dəxi rus milləti və rus hökuməti arasında iki min ildən bəri davam edən münasibatın üçüncü və axırıncı dövrüdür ki, burada millətin qalib olacağı şübhəsizdir. * * * Hökumət bəyannaməsi və Duma İndiyə qədər hamı buna müntəzir idi ki, görsünlər, hökumət dumanın, yəni millət məbuslarının çağırılmasına razı olub da nə məramnamə hazırlayıbdır? Parlamenti, yəni məclisi-məbusanı olan dövlətlərdə qaydadır ki, məclis güşad edildikdən sonra hökumət idareyiməmləkət haqqında öz məramnaməsini açıb məbuslara bəyan edir. Məbuslar dəxi həman məramnaməni öz xüsusi məramnamələrinə vuruşdurub, müvafiq olmasa onu tənqid edər və bununla bərabər hökumətə ki, vüzəra heyətindən ibarətdir, ədəmi-etimadını göstərir. O surətdə vüzəra heyəti istefa verib əvəzində digər bir heyət təşkil olunar. Bizim hökumət yəni vüzəra heyəti dəxi öz məramnaməsini hazırlayıb duma əhlinə elan etməyə amadə idi. Bu məramnamə bir çox əhəmiyyəti haiz olduğuna görə, kəmali-intizar ilə gözlənir idi. Əcnəbi və Rusiya qəzetələri müxbirləri vüzəra heyətinin orasınaburasına dolanıb, məramnamənin məzmununu tez bilmək istəyirdilər və eşidib bildiklərini qəzetələrdə yazıb, bu barədə cürəbəcürə xəbərlər intişar edirdilər. Axır ki, mart ayının altısında, vüzəra heyəti məramnaməsinin bütün məzmun və məali cümləyə məlum oldu. O gün baş vəzir Stolıpin hökumət məramnaməsini məbuslara elan etdi. Bu məramnamədə və ya bəyannamədə hökumət ümuri-məmləkətdə nə növ iş görəcəyini və nə təriqilə gedəcəyini bəyan edib, məclisi-mətbuat dəxi özü üçün köməkçi çağırır. Hökumətin həman bəyannaməsi, söz yoxdur ki, köhnə tərzi-idarəni bərpa edən “məramnamələr” kimi olmayıb, əhali tələbatına dəxi doğrusu, iqtizayi-zəmanəyə bir qədər müvafiqdir. Bu bəyannamədə deyilir ki, hökumətin, millət məclisi açmağa razı olduqda, fikri məmləkətin asayiş və islahatına səy etməkdir və bu asayiş və islahatı hökumət öz anladığı kimi təriqələr və vasitələr ilə hüsulə gətirmək istəyir və bu barədə məclisi-məbusan ilə əlbir olmağı təklif edir. Bəyannamənin özü əhəmiyyətli olduğuna görə dumanın ahillərinin buna dair nə cavab verəcəyi dəxi bir o qədər əhəmiyyətli idi. Hamı gözləyirdi ki, duma hökumətin təklif etdiyi təriq və vasitələrə artıq məhəlgüzar olmayıb, həman dəm onu tənqidə çalışacaq. Lakin oylə olmadı: Dumanın əksəriyyəti ki, “sol” tərəfindən ibarətdir, həman halda cavab verməkdən özünü gözlədi və bəyannamə qurtardıqdan sonra oylə bir etinalı söz deməyib, sair işlərin müzakirəsinə keçdi və ümumiyyətcə, bu xüsusda özünü əvvəlinci dumadan da “sağraq” tutdu. İnqilabçı görünən dumanın bu hərəkəti hamını heyran qoyursa da, yenə böyük bir təsəlli verir. Çünki bunu isbat edir ki, millət məbusları öz vəzifələrini layiqincə anlayıb, bu tez zamanda dağılmaq istəmirlər və məmləkətin nəcatı üçün baqi qalıb, taktika ilə dolanmaq və bu yol ilə öz məramlarını yeritmək arzusundadırlar. Görək, işin axırı necə olacaqdır! * * * Ordan-burdan 91 Hamıya məlumdur ki, müsəlmanların içində bu cürə bir qayda vardır. Məsələn, birisi durub, bir söz deyəndə ki, filan iş belədir, o birisi cavab verər ki, yalançının özünə lənət! Əgər əvvəlinci desə ki, olsun, bil ki, yalançı deyil, yox deməsə və acığı tutsa, bil ki, yalançıdır. İndi hökumət and içir ki, Rusiyada aclıq-maclıq yoxdur və heç bir kəs də qızılı satıb, çörəyə vermir. Qəzetələr dəxi hökumətin doğruluğunu bilmək üçün deyirlər ki, yalançı belə-belə olsun. Amma hökumət bu “belə-belə”yə razı olmur və bu sözə bərk acığı tutub qəzetələri sudxanaya çəkir. * * * Qoy, hökumət elə bir ucdan adamları sudxanaya çəkməkdə olsun, biz də baxaq, görək dünyanın axırı hara çıxır. O səfər, əzoncümlə, mən özüm də yazmışdım. İtaliya münəccimlərinin deməyinə görə, beş-altı gündən sonra dünyanın axırıdır, görünür ki, bu xəbər çox adamlara bərk əsər eləyibdir. Ona görə yamanca əl-ayağa düşübdürlər. Firəngistanın “Maten” qəzetəsi camaatın bu cürə əl-ayağa düşməyini görüb İtaliya münəccimlərindən xəbər alıbdır ki, doğrudanmı, siz deyirsiniz ki, bir neçə gündən sonra dünyanın axırıdır. İtaliya münəccimlərindən cavab gəlibdir ki, hansı palar?.. Yəni bu söz yalandır və bu səs-küyü salan da yalançıdır. * * * İndi ki, yalan deməyə qaldı, qoyun, bir yalan da mən deyim: Belə rəvayət eləyirlər ki, Qarabağda Yevlax stansiyası ilə Şuşa şəhərinin arasında ki, cəmi bir qarış yoldur, bu yaxınlarda dəmiryol çəkəcəkdirlər. Əslinə baxsan, bu xəbər doğrudur. Amma bu xəbər bildir, inişil, keçən il və hətta on il bundan irəli də deyilməyinə görə, mən hələ güman eləyirəm ki, yalandır. * * * İndi də bir söz deyirəm ki, doğru olsun: Erməni “Mşaq” qəzetəsinin əhli-insaf olan bir yazıçısı var idi, bu binəvanı bu günlərdə öldürübdürlər. İndi “Daşnaqsütun” firqəsi deyir ki, ey camaat, o kişini biz öldürməmişik. İ d a r ə d ə n: Soğan yeməmisən, için niyə göynəyir? * * * Ordan-burdan 92 Müsəlmanlarda bir məsəl var, deyirlər ki: “Ağac bar gətirdikcə başını aşağı dutar”. Amma, bainhəmə müsəlmanlarda bir qayda vardır ki, onların “ağacları” bar gətirdikcə başlarını yuxarı dutub, ancaq hökumət qapazı dəydiyi zaman başlarını aşağı duturlar ki, qapaz vurana “rahət” olsun. * * * Yenə müsəlmanlarda bir məsəl var ki: “Yaxşılıq elə at dəryaya, balıq bilməsə, xalıq bilər”, amma bainhəmə müsəlmanlarda bir qayda da vardır, yaxşılıq elə at onların içinə, sairlərin xoşuna gəlsə də, müsəlmanların acığı tutar. * * * Yenə müsəlmanlarda bir məsəl var ki: “Əl əli yuyar, əl də üzü”, amma bainhəmə müsəlmanlarda bir qayda vardır. Əl əli sındırar, əl üzün, gözün tökər. * * * Yenə müsəlmanlarda bir məsəl var ki: “Əyri otur, düz danış”, amma bainhəmə müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyri sözlər danışırlar. * * * Yenə müsəlmanlarda bir məsəl var ki... Müsəlmanlarda məsəl çoxdur, amma, nə eləmək, əməl azdır və bir yerdə ki, məsəl çox ola və əməl az ola, o yerin işi... sözün doğrusu, çox uzundur. * * * Ordan-burdan 93 Suallar və suallara da cavablar S. – Dünyada hamıdan çox hürriyyətpərvər və azadlığı sevən adam kimdir? C. – Rusiyanın baş vəziri Stolıpin və onun yoldaşlarıdır. Çünki bunların bütün əlləşib-vuruşduqları odur ki, millət onların işinə qarışmayıb, azadə dolanıb, bildiklərini eləməyə xələl yetirməsinlər. * * * S. – Dünyada hamıdan az dərd çəkən adamlar kimdir? C. – Zəngəzur acları, çünki onların hər biri bir millətin qeydinə qalıb, bir dərd çəkirlər. Amma, məsələn, Bakı milyonerləri milyon manatın qeydinə qalıb, milyon dərd çəkirlər. * * * S. – Dünyada İran məmləkətlərinin ən yavuq xeyirxahları kimdir? C. – İran xanları və hakimləri. Çünki bunlar çox yaxşı bilirdilər ki, İran həmişəki halında qaldığı vaxt kafir əcnəbilər gəlib onların vətənini istila edəcəkdirlər, ona görə, bunlar da səy eləyirdilər ki, vətəni kafir əlinə verməkdənsə, eylə hazır özləricə soyub, dağıdıb kafirləri “damaq” qoysunlar. * * * S. – Rusiyada hamıdan artıq sair tayfaların yaxşılığını arzu eləyən kim idi? C. – Pobedonossev adında bir urus idi, amma nə fayda ki, kişi, canınıza sağlıq, bir neçə gün bundan irəli sağ-salamat durduğu yerdə vəfat elədi... Çünki bu kişi elə bilirdi ki, dünyada hamıdan yaxşı adam urusdur. Ona görə sair tayfaları də urus edib, “yaxşı adam” olmaqlarına çalışırdı. * * * S. – Dünyada rus hökumətinin lap bərk dostu kimdir? C. – Dövlət dumasının “sol” firqələri, çünki, bunlar əvvəldən indiyə kimi hökumət əhlinə deyirlər ki, ay balam, ta, siz yorulubsınız, az iş görün, çıxın, gəlin oturun bir yerdə, qoyun qalan işləri də biz özümüz görərik. * * * S. – Nə vaxt adam öz evində qonaq kimi olur? C. – Evini qaradavoylar “obısk” eləyəndə! * * * Ordan-burdan 94 – Qırırlar. – Tərifləyirlər. – Kimi? – Kimi? – Yəhudiləri. – Stolıpini. – Harda? – Harda? – Hər yerdə. – Öz evində. – Qorxuzurlar. – Bərəkalla deyirlər. – Kimi? – Kimə? – Müsəlmanları. – Kuropatkinə. – Harda? – Harda? – Hər yerdə. – Öz ürəyində. –................. – “Buyur, buyur”, deyirlər. – Qapazlayırlar və qapazlayacaqlar. – Kimə? – Kimi? – Pobedonossteva. – İranlıları. – Harda? – Harda? – Cəhənnəmin qapısında. – Hər yerdə. * * * – Gəldi. – Getdi. – Kim? – Kim? – Dumanın Bakı vəkili. – Bakı vəkili. – Hardan? – Haraya? – Tiflisdən. – Tiflisə. Biz uşaq olanda bizə deyirdilər: “Bala, saldat gəldi, qaç! Saldat gəldi, qaç!” Sonra böyüyüb gördük ki, əşi, elə indi saldatın özünə deyirlər ki: “Ədə, yapon gəldi, qaç! Yapon gəldi, qaç!” * * * Biz uşaq olanda bizə deyirdilər: “Bala, küçəyə çıxma, cuhud gəlib qanını içər!” Böyüyüb gördük ki, əşi, elə yazıq cuhudların özlərinin qanını içirlərmiş. * * * Biz uşaq olanda bizə deyirdilər: “Ədə, düz otur, “əcnəbi” hərəkəti çıxarma!” Sonra böyüyüb gördük ki, əşi, elə əcnəbilərdən yaxşı hərəkət çıxardan yox imiş, indi hamı istəyir ki, əcnəbi kimi olsun. * * * Müalicə Bir pərdəli komediya Ə h l i - m ə c l i s: M ə ş ə d i M i l l ə t – çoxdan bəri azarlamış bir kişidir. M i r z ə M ü c a h i d – həkimdir, özü də and içir ki, bütün təbabət elmini su kimi içibdir. Məclis vaqe olur Məşədi Millətgildə, Məşədi Millət vayıldayır. M ə ş ə d i M i l l ə t. Vay, azara düşən canım, vay, davasız dərdə giriftar olan bədənim, vay, vay! M i r z ə M ü c a h i d. Nə olub sənə? M ə ş ə d i M i l l ə t. Azarlamışam, dərdə düşmüşəm! M i r z ə M ü c a h i d. Nəbzini görüm, azarın nədir? (Baxır.) Hə, bildim sənin azarın nədir, ancaq qorxma, heç bir şeyin yoxdur. M ə ş ə d i M i l l ə t. Vay, vay! M i r z ə M ü c a h i d. Səhər ertə yerdən duranda könlün bulanmayır ki? M ə ş ə d i M i l l ə t. Yox! M i r z ə M ü c a h i d. Gərək bulanmasın... Axşam çay içəndən sonra qusmağın tutmur ki? M ə ş ə d i M i l l ə t. Heç çay içə bilirəm ki, vay!.. M i r z ə M ü c a h i d. Gərək içə bilməyəsən... Hə, ürəyin xiyar istəməyirmi? M ə ş ə d i M i l l ə t. İstəyır! M i r z ə M ü c a h i d. Gərək istəsin. Durduğun yerdə gözün qaralırmı? M ə ş ə d i M i l l ə t. Bəli, qaralır! M i r z ə M ü c a h i d. Bəs, gərək qaralsın... Badımcan dolmasilə aran necədir? M ə ş ə d i M i l l ə t. Adını çəkmə, qusaram! M i r z ə M ü c a h i d. Gərək qusasan... Gündə neçə dəfə ayaqyoluna gedirsən? M ə ş ə d i M i l l ə t. Heç ayaq yoluna getmirəm! M i r z ə M ü c a h i d. Gərək getməyəsən... Mənim rəhmətlik atamı tanıyırdın? M ə ş ə d i M i l l ə t. Yaxşı tanıyırdım... M i r z ə M ü c a h i d. Gərək yaxşı tanıyasan... Həbbi-səlatin versəm içərsənmi? M ə ş ə d i M i l l ə t. İçə bilmərəm! M i r z ə M ü c a h i d. Gərək içə bilməyəsən... Başın altına qoyduğun nədir? M ə ş ə d i M i l l ə t. Pul kisəsidir... M i r z ə M ü c a h i d. Gərək pul kisəsi olsun... Balıq yağının içinə bir az şəkər töküb içinə tüpürsəm, ağzına ala bilərsənmi? M ə ş ə d i M i l l ə t. Yox, iyrənərəm! M i r z ə M ü c a h i d. Gərək iyrənəsən... O kisənin içindəki puldan mənə verə bilərsənmi? M ə ş ə d i M i l l ə t. Götür, yarısı sənin olsun! M i r z ə M ü c a h i d. Gərək yarısı mənim olsun. (Pulu götürəndən sonra) Azarlının yanında həkimin çox oturmağı yaxşı deyil. Gedirəm, xudahafiz, amma heç qorxma, bir neçə gündən sonra ayağa durarsan. (Gedir) M ə ş ə d i M i l l ə t. Ay, başım töküldü, ay, qarnım çatladı, ay, qıçlarım sındı, ay, gözlərim çıxdı, ay beynim, burnumdan gəldi, ay, vay, haray, həkim, həkim, həkim!! (Pərdə salınır) * * * Ordan-burdan 95 Şuşa uyezdinin Ağdam və Xan kəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət eləyirlər ki, bəli, aldığı şeyi geri vermir. İdarədən: Heç görün dəxli var! Necə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayı Bünyadqulunun 4 arşın bir palazını alıb sonra desin ki, a balam, ala verim özünə, yazıqsan? Onu eşidən-bilən nə deyər? * * * Qarsdan yazırlar ki, burada bir qədər pul yığılıb bir Müsəlmana verildi ki, apar bunu Gəncə məktəbinə ver, amma müsəlman aparıb verməyibdir. İdarədən: Nə olsun? Burada nə təəccüblü iş var?.. müsəlmandır, pulu qoyub cibinə və həlbət ağlına bir şey gəlibdir ki, aparıb yerinə verməyib, yoxsa nahaq yerə durduğu yerdə eləməyib ki! * * * Yenə Qarsdan yazırlar ki, daha burada müsəlman qalmadı ki, mal və mülkündən əl çəkib Osmanlıya getməsin. İdarədən: Çünki Osmanlıda yel əsib qoz tökülübdür, indi gedəndə görərlər. * * * Stolipin və divani hərb Duma üzvlərinin Rusiyada qurulmuş divani-hərblər barəsində hökumətə qarşı idareyi-lisan etməsinə cavab olaraq, baş vəzir Stolıpin cənabları uzun bir nitq söylədi, hərçənd belə danışırlar ki, baş vəzirin bir nitqi onun hazırcavablığına dəlalət edəməz, çünki bu nitq ən qabaqlarda hazırlanıb, əzbər edilmiş idi. Amma hər halda Stolıpin bu nitqi söyləyib də özünün həm natiqi-bəliq və həm də köhnə bir politikan olduğunu isbat etdi. Vəxta ki, duma üzvləri hüzura çıxıb divani-hərb qaydalarını pisləməyə başladılar. Stolıpin onlara rəddiyyə etmədi. Bəlkə, onların sözlə müvafiq olduğunu anlatdı. O dedi ki, mən mahir bir yurist ilə mübahisəyə girib divani-hərb xüsusunda danışa bilmərəm, çünki bizim ikimizin də isbat edəcəyi bir şey olacaqdır ki, o da divani-hərbin pisliyindən və onun fəsxi lüzumundan ibarətdir. Stolıpin bəhs etməyir, mütləq divani-hərb tərəfdarı deyildir. Lakin divani-hərb məhkəməsinə hökm etmək ondan ötrü ağızda bir söz deyib, sonra əməl etməmək adi bir şeydir. Bainhəmə Stolıpin özünü heç itirməyir. Divani-hərbləri pisləyir. Ancaq hər yerdə qurulmasına əmr edir ki bunu da onunla bəyan edir ki, bəli nə etməli idim, bir vaxt baxıb görürəm ki, dövlətin əsasları titrəyib, daha bir az uçmağa qəribdir. Ona görə bu təhlükəni, yəni dövlət təhlükəsini divani-hərb vasitələrilə dəf etməyə məcbur oluram; bu cürə sözlə səthi bir nəzərlə baxılsa, səhih görünər, lakin görək əslində də səhihdirmi, yoxmu? Stolıpin deyir ki, divani-hərblər qurmağa hökumət məcbur oldu, əgər bir kəs ondan sual etsə idi ki, nə üçün hökumət bu işə məcbur oldu? Zənn edirəm ki, baş vəzir kəmal amadəki ilə cavab verərdi ki, məmləkətdə nizamsızlıq törəmişdi və bu sözü deyib də xəta etməzdi, çünki bu həqiqətdir; fəqət ona bu sual dəxi verilsə idi ki, nə üçün məmləkətdə nizamsızlıq törənmişdi, – mən bilmirəm ki, Stolıpin cənabları nə cavab verərdi; amma bizim özümüzə o cavab, o həqiqi cavab aşikardır. Hamıya məlumdur ki, məmləkətdə nizamsızlığın törənməsinə səbəb Rusiyada idarəyi-mütləqiyyənin davamıdır və bunun bu çürümüş və “dəbdən” düşmüş idarənin davamına səbəb dəxi stolıpinlərin özləri və öz havavü həvəsləridir. Stolıpinin sözlərindən bu məna anlaşılır ki, idareyi-mütləqiyyəyə qarşı etiraz olunmasa idi, divanihərblər dəxi qurulmazdı; biz isə deyirik ki: Bu doğrudur, amma nə eyləmək ki, idareyi-mütləqiyyənin siqlətinə əhlinin dəxi tab edəcək qədər qüvvəti və səbri yoxdur; halbuki hamısından gözəl burası idi ki, əgər həqiqi qanuni-əsasi verilib qayda üzrə idareyi-məşrutə bərpa olunsa idi, həm camaat üçün səadət olardı, həm nizamsızlıqlar olmazdı və buna görə də divani-hərblərin dəxi qurulmağı lazım gəlməzdi... * * * Qaranlıqlaşır Bəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nurihüzur və asayış kəsb edəməyir. Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır. Demək olar ki, “Russkie vedomosti” qəzetəsinin müdiri olan məşhur ədib Yullusun bu günlərdə vüqu bulan qətli gələcək zülmətxanəyə düxul üçün bir qapı mənziləsində olacaqdır. Vaqiən, nümayəndələri və pişrovləri Dövlət dumasının sağ tərəf üzvlərindən Korşivan və Pruşkeviç olan “əsil rus adamlarının” Rusiyada sakin sair millətlər ilə bərabər, rus hökumətinin ziddinə gedən rus camaatına bilümum və yəhudi tayfasına qarşı bilxüsus, göstərməkdə olduqları hiddət və nifrət indi ən açıq və ələni bir surətdə izhar olunmaqdadır. Föhş və söyüş hesab olunduğuna görə, mətbuat səhifələrinə keçməsi nalayiq olan “jid” – yəni cuhud kəlməsi əsil rus qəzetələrinin səhifələrində dolu olub, hər yerdə açıq və nifrətlə yad olunur. “Əsil rus” pişrovlərinin əvam və cahil və bununla belə, özgə malına son mərtəbə həris olan peyrovləri yəhudilər xüsusunda olan bu həqarətamiz məzəmmət və təhmətləri eşidir, onlara qarşı nifrətlərini daha artırır və onları tələf etmək fikri-divanələrini bir tez zamanda felə gətirməyə hirslərini daha bir qat yuxarı qalxızırlar. Yəhudi nəslindən olan Yullus kimi millət mücahidlərinin qətli, onları cüzi qədər də məhcub etməyib, bəlkə qəlblərində olan yırtıcılıq hissini daha artıq oyadır. Həmən “əsil rus”lar partiyasının mürəvvii-əfkarı olan “Russkoe znamya” qəzetəsinin yuxarısında bu günlərdə səbt edilmiş olan qara xaç nişanı və müdirinin buna dair verdikləri kinayəli cavablar, hər kəsi bu zənnə vadar edir ki, bu nişan qırğın və qətal əlamətidir. Hökumət isə, görünür özünə söz veribdir ki, var qüvvətilə dumaya müqavimət edib, onu ya özünə, öz əməllərinə alət etsin, ya ki işi o yerə çatdırsın ki, qovub, dağıtmağa bir bəhanə yeri qalsın... Lakin biz əvvəldə də demişik ki, hökumət dumanı qovmaqda heç bir şey ummaz, ancaq bilaxərə vüqu bulacaq bir hadiseyi-əzimənin yovmi-vüquini təxir və təviqə salar. Qoy indi Rusiyanın əhvalı qaranlıqlaşsın. Axırda böyük bir işığa münqəlib olacağı şübhəsizdir. * * * Ordan-burdan 96 Çoxluq Birisi yazıb, bizdən sual eyləyir və deyir ki: hamıya məlumdur ki, Bakı camaatı, məsələn, bu gün qoç döyuşdürməkdə, məsələn, bu gün xoruz vuruşdurmaqda, məsələn, bu gün dəvə üləşdirməkdə hamıdan mahir olub, bu cürə gün keçirməkdən ləzzətli bir şey bilmirəm. Aya, indi nə olubdur ki, Bakı camaatı hökumət ilə dumanın döyülməyinə heç bir məhəlgüzar olmayıb, vəkil də göndərməyirlər. Bu suala biz bu cürə cavab veririk: Əfəndim, çox da yaxşı eləyirlər və əllərinin içindən gəlir. Çünki özünüzə məlumdur ki, keçən il dumanın müsəlman üzvləri az idi və ona görə də heç bir firqəyə-mirqəyə bölünməyib dinməzcə oturmuşdular. Amma bu il dumada müsəlman üzvləri özlərini çox görüb bir-birindən ürkübdürlər və ürkdüklərinə görə də ayrılıb iki firqə olubdular. Bundan belə məlum olur ki, əgər Bakıdan dumaya üzv getsə idi, lap çox olub, lap ürkərdilər və lap ürkdüklərinə görə də, olsun ki, üçdörd firqəyə bölünüb nahaq yerə aralığı pozardılar. Məxfi qalmasın ki, burada çoxluq barəsində yadıma bir məsəl düşdü. Amma heyf ki, onu qəzetədə yazmaq bir az eyibdir. * * * Qafqazda müsəlman kəndlisinin halı 1 S i ç a n. Atakişi əmi, taxılın cücərmədi? Ç i g i r t g ə. Atakişi əmi, taxılın gögərmədi? D o l u. Atakişi əmi, taxılın sünbüllənmədi? Ö r m i ç ə k H a c ı M u r a d x a n. Atakişi əmi, taxılını döyməyirsən? B ə y. Atakişi əmi, taxılın çuvala yığılmadı? S t r a j n i k. Atakişi əmi, xurcunlarım hazırdır, taxıl necə oldu? A t a k i ş i ə m i n i n u ş a q l a r ı. Dədə, bəs təzə taxıldan ha vaxt çörək bişirəcəyik? A t a k i ş i ə m i n i n q a r n ı. Qurr!.. A kişi, acından öldüm! A t a k i ş i ə m i (acıqlı). Qarnım! Barı sən, sənsə dinmə, yoxsa, quran mənə qənim olsun ki, soxaram xəncəri, tökərəm bağırsaqlarını çölə indi ya!! Y a z ı q A t a k i ş i ə m i. Bir məsəl var, deyərlər ki, “On iki qurda bir boz eşşək nə eləsin?”. Kənd məktəbində 2 M ü ə l l i m (şagirdə). Atan var? Ş a g i r d. Var. M ü ə l l i m. Anan var? Ş a g i r d. Var! M ü ə l l i m. Neçə qardaşsınız? Ş a g i r d. Üç! M ü ə l l i m. Neçə bacın var? Ş a g i r d. Beş. M ü ə l l i m. İndi hesab elə gör sizin külfətdə neçə adam var? Ş a g i r d (bir qədər fikirdən sonra). Mirzə, on bir adam var. M ü ə l l i m. Neçin on bir olsun? Bu ki, on eylər? Ş a g i r d (utana-utana). Mirzə, axı dədəmin iki arvadı var. * * * Ordan-burdan 97 Şəkidən, Şirvandan, filandan idarəmizə gələn və Osmanlı ilə İran barəsində nə təhər yazı yazmağın “zakaz”ını bildirən kağızlarını oxuyanda, mənim yadıma həmişə bu düşər: “Kərbəlayı Bədəl, bizə bir-iki lüləkəbab bişir, amma gözlə ki, nə quru olsun, nə də sulu, bir də istiotunu bacardıqca az elə, yanına soğan əvəzinə turp qoy, üstünə də bir sumax səp”. Bu cürə “zakazları” aşpazlara verərlər, halbuki bizim sənətimiz ilə aşpazlığın arasında asiman-zəmin təfavüt var. * * * Osmanlının Misirdə çıxan “Türk” qəzetəsi deyir ki, Osmanlı millətini oyatmaq üçün bir neçə yaxşı yol var. Bu yollardan biri də odur ki, azadlıq üstündə çalışan (?) Rusiya türkləri (Şəki və Şirvan türkləri də daxildir ha!), Osmanlıdan gəlib keçəndə o yazıqları başa salıb, zalım hökumətin əlindən qurtarılmağa həvəsləndirsinlər. Dünən, bu sözləri oxuyan kimi, yadıma bu məsəl düşdü ki: “Ölülər elə bilir ki, dirilər halva yeyir”. * * * İki nəfər müsəlman bəyi bir-biri ilə görüşür: N - b ə y (zahirdə). Salam əleyküm. F-bəy, keyf, əhvalın, xoş gördük, (ürəyində – Allah səni heç xoş eləməsin, həmişə xaru zəlil olasan). F - b ə y (zahirdə). Br, əleyküməssəlam, xoş vaxtın olsun. Səfa gəldin (ürəyində – yolda qıçın sınıb, gəlməsəydin lap yaxşı olardı; məlun!) N - b ə y (zahirdə). Çoxdan bəri səni görmək arzurunda idim, sən də görünərsənmi (ürəyində – Səni yerə basdırım ki, doğru deyirəm, a kişi bəs havaxt öləcəksən?). F - b ə y (zahirdə). Görükməkdən nə olsun, tək insanın qəlbində bir-birinə məhəbbəti olsun, elə bunun özü bəsdir (ürəyində – Nə tövr görüküm ki, səni görəndə gözüm ağrayır, a sənin gözlərinə ox batsın!) N - b ə y (zahirdə). Əlbətdə, məhəbbət özgə cürə şeydir, onun heç bir şeyə dəxli yoxdur. Amma yenə də sözün doğrusu beş-altı gün səni görməyəndə çox “iskuçni” oluram (ürəyində – Yəni deyirəm fikrinə də gəlməsin ki, səndən donos yazdırmışam, ha!..). F - b ə y (zahirdə). İltifatın artıq olsun; vallah, elə mənim özüm də həmişə yerdən duran kimi, nökərlərdən soruşuram görüm ki, N-bəy nə qayırır, keyfi necədir? Bilmirəm gəlib, sənə deyirlərmi? (ürəyində – Yəni, deyirəm görüm, səndən göndərdiyim donosun əsəri nə tövrdür, naçalnik səni sordurmaz ki, arvad uşağını mələtmirlər ki...). Bəs, niyə atdan düşmürsən? Ədə, Səfiqulu, gəlin bəyin atın dutun (ürəyində – Əqlin olsa, ötüb gedərsən, mənim də zəhləmi tökməzsən). N - b ə y (zahirdə). Yox, kəndə gedirəm, elə dedim at üstə bir səni görüm; (ürəyində – Üzünə də tüpürüm) (zahirdə) hələ ki, salamat qal; (ürəyində – Gör sənin başına nə oyun gətirəcəyəm!)... F - b ə y (zahirdə). Xoş gəldin, bu yaxşı olmadı ki, getdin; (ürəyində – Sən öl, çox yaxşı oldu; get, dalınca bir qara daş getsin, məlun). * * * Fəxr etməliyizmi, məyus olmalıyızmı? Misirdə nəşr olunan “Türk” qəzetəsi, “Əhalimizi oyandıracaq biriki yol” sərlövhəsi və “Xorasani” imzasilə yazmış olduğu məqalə xüsusəsində Osmanlı millətinin istibdad təsirilə aludəyi xabi-ğəflət olduğundan bəhs edərək, oyandırılması üçün yollar göstərir və o yollardan biri olmaq zənnilə, biz Rusiya müsəlmanları ilə İran müsəlmanlarının bu barədə bözli himmət etmələrini ummayır. “Türk” məqaləsinin başında deyir ki: “Əhalimizi (yəni Osmanlı əhalisini) oyandırmaqdan muradım, onları oxudub, öyrətməklə zehinlərini açmaq demək deyildir. Onun nə qədər lazım olduğunu əhalimiz çoxdan anladı. “Oyandırmaqdan məqsədim: Osmanlı istiqlalının həmən qaib olmaq təhlükəsinə yanaşdığı; din və millətin qədrini, şanını pək alçaq bir dərəcəyə endirməyə kimlərin çalışdığı; içimizdə bulunan və bizə hökm edən düşmənə həddini bildirmək üçün həmən işə başlamaq fərz olduğu; İştə, bunu və bunun kimi şeyləri məmləkətimizin içlərindəki əhaliyə anladıb, gözlərini açacaq, əqillərini başlarına gətirəcək yollar bulmalıdır”. Bu yolların nədən ibarət olduğunu bəyandan sonra “Türk” bu sözlər ilə xətmi-kəlam edir: “Bu şeyləri, (yəni hökuməti göydən düşmüş bir şey bilib də zülmlərinə tab etmək və onun əlində kor alət olub, xəfiyyəlik və casusluğa razı olmağın fənalığını) anlatmaq və bildirmək üçün qərb tərəfinən gələcək irşadlar pək zor ilə əhaliyə yetişir. Biz irşadnamələrimizi Vətənimizin içindəki xalqa yetişdirmək üçün şu son vaxtlarda hürriyyət qazanmış olan iranlı və rusiyalı müsəlman qardaşlarımızın yardımlarını diləməliyiz. Əcəmistan və Qara dənizin Rusiya əlində olan yerlərindən məmləkətimizə bir neçə müsəlman gəlib getməkdədir. Xalqımıza şu zalim və inadçı hökumətə qarşı birləşib, səbatilə davranmaları yolunu göstərməkdə bizə yardım edəcəklərini umarız”. Mən əvvəl bu sətrləri oxuduqda, özümü qoltuğumun altına qarpız qoyulmuş kimi hiss etdim; amma bir qədər fikirdən sonra... hər kəs məni görsə idi, elə bilərdi ki, başım ağrıyır, ya dişim. İranlılar ilə işim yoxdur; qoy “Türk” onlardan hər nə umacaqsa, umsun; haqqı var, çünki o kişilər doğrudan da öz əhli-zələmələri ilə mübarizəyə qalxıb, hürriyyət qazandılar və ona görə “Zalim və inadçı hökumətə qarşı birləşib, səbat ilə davranmaq yolunu” bilirlər. Amma biz, biz Rusiya müsəlmanları, biz Qara dəniz sakinləri, biz qafqazlılar, yəni biz, biz Qafqaz müsəlmanları, sözün doğrusu, nə hürriyyət qazanmışıq, nə də hökumət ilə güləşməyin təhərini bilirik. Bizdən bu cürə şeylər ummaqdansa, bacarıb, özgə bir “doğru yol” aramaq min pay nəfli olar. Doğrudur, dövləti mətbuatımız olan Rusiyada budur, neçə ildir ki, inqilab davam etməkdədir. Bu inqilabı törədən Rusiya hökumətilə Rusiya əhalisidir. Biz, biz müsəlmanlar dəxi Rusiya əhalisindən hesab olunuruq; lakin bu heç vaxt ona dəlil ola bilməz ki, biz də inqilabda iştirak edib hökumət ilə çəkişirik; çünki həqiqət meydandadır. Biz müsəlmanlar bu Rusiya inqilabında yalnız bir tamaşaçıyıq, özümüz də nə tövr tamaşaçı (buf, sirk, fars janrı), it boğuşması, qoç döyüşməsi kimi mənzərələrə tamaşaçı olduğumuz şövq ilə bu inqilaba da elə tamaşaçı olsa idik, barı dərd yarı idi. Amma dərd yarı deyil, bütündür; çünki həvəssiz, könülsüz, maraqsız, etinasız, ruhsuz tamaşaçıyıq; nə camaat qəhrəmanlarının fədakarlıqları qəlbimizdə bir təzərö, nə hökumət məmurlarının rəftari-zülmkaranəsi ürəyimizdə bir tənəffür hissi oyatmayır. Halbuki onların da, bunların da çalışmaları bizim də hürriyyət və ədəm hürriyyətimiz üçündür. Fədakarlara bir dəfə də olsun əl çalmadığımız kimi, zalimlərə qarşı heç bir etirazda bulunmamışıq; bəs bundan sonra bizdən nə ummalı? Heç nə! Çünki “qurdu” “çoban”; “çobanı” “alim”; “alimi” “nadan”; “nadanı” da “divanə” və “divanəni” “qəhrəman” hesab edən bir tayfadan, hələlik, heç bir şey ummamaq hamısından məsləhətdir. İndi keçəlim bizim, biz Qafqaz müsəlmanlarının İran və Osmanlı hökumətlərinə dair münasibatımıza: Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sahəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də müsəlman qardaşlarımızın gətirdikləri cövr və zülmü və bundan naşi, hər iki məmləkətin getdikcə inqirazə yanaşdığını görməyirik. Bundan maəda, artıq söz danışmağımız lazım deyil; hər halda görünür ki, “Türk”... “İrşad”ın bu keçən nömrələrini hələ oxumayıb; oxumayıbdır ki, Qara dəniz kənarlarından, yəni Qafqazda sakin müsəlman qardaşlarından həmiyyət diləyir. Və o səbəbdəndir ki, biz də, bizim camaatımızdan umulan bu şərafətə özümüzü bilkülliyə layiq bilməyib fəxr etməyirik. Ancaq vardıqca məyus və mükəddər olub, “Türk”lərə deyirik: “Bizdən vaz keçiniz və öz millətinizi oyatmağa doğru bir yol arayınız, çünki: “Xofte ra xofte key konəd bidar”. * * * Ordan-burdan 98 Müsəlmanların halı Hökumət qapısında: – Kərbəlayı Bədəl, görə bildin? – Görə bildim. – Nə dedi? – Dedi, “Zavtra!” Ağalar qapısında: – Məşədi Fərəcullah, ağa evdə idi? – Bəli, evdə idi. – Səni gördü, nə dedi? – İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü. İntelligent qapısında: – Mahmud əmi, razı oldumu? – Balam, yox! – Nə üçün? – Dedi, beş yüz manat ver yazım. Dövlətli qapısında: – Kərbəlayı Müseyib, getmişdin? – Hə, getmişdim. – Görə bildin? – Balam, yox: səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi. * * * Ordan-burdan 99 Urusca heç zad bilməyən və müsəlmancadan tək bir “Gülüstan”ın mətnini oxuyub, mənasını anlamayan rəfiqlərimdən bir neçəsi məni görüb həmişə şikayət edirlər və deyirlər ki, biz çox istəyirik ki, görək Dövlət dumasında nə olur, nə tövr danışıqlar olur? Amma heyf ki, savadımız olmadığına görə oxuduğumuzu anlamırıq, aya, olmazmı ki, sən öz “ORDAN-BURDAN”ında bir tövr eyləyəsən ki, Dövlət dumasından bari bizə bir nümunə göstərəsən. Deyirəm: Olar. Nə tövr olar? Bu tövr olar! Dövlət duması, sədri-məclis, sağ, sol, vəzir. S ə d r i - m ə c l i s. Hə, məclis açıqdır, indi, hər kəs nə danışacaq danışsın, ancaq təvəqqe eyləyirəm ki, “at getdi, örkən apardı” olmasın. S o l. Hanı o dünən burada mənəm-mənəm deyib, döşünə döyən vəzir, buyursun, çıxsın meydana, ona bir-iki sözüm var. V ə z i r. Mən buradayam; buyur sözünü de! S o l. Bircə mənə deyin görüm, bu xalqı tutub bit-birə kimi qırmaqda sizin məqsədiniz nədir? V ə z i r. Aranı sakit eləmək istəyirik. S o l. Aranı sakit eləmək istəyən oğlan camaatı tutub top ağzına qoymaz. S a ğ. Bəs nə qayırar? S ə d r i - m ə c l i s (sağa). Bircə sən dinmə! S o l. Nə qayırar? Bunu qayırar ki, bu gün məsələn, camaatı çağırıb soruşar ki, ay adam, ay camaat, sən nə üçün fərağat oturmayırsan. Onda camaat deyəcəkdir ki... S a ğ. “Ərdəbil bir şəhərdir, hər kəs də öz vəkili!” S ə d r i - m ə c l i s (sağa). Təvəqqə eləyirəm ki, dilxorçuluq eləməyəsiniz. S o l. Xeyr, o sözləri camaat deməyəcəkdir. Camaat bu sözləri deyəcəkdir ki, bəs nə tövr fərağat oturum ki, sən məni fərağat qoymayırsan. V ə z i r. Nə qayırıram? S a ğ. Kim onlara nə qayırır? S ə d r i - m ə c l i s. Əşi, biriniz danışanda, biriniz qulaq asın da! S o l (bərk gülür). Ha-ha-ha-ha... Vəzir deyir ki, nə qayırıram?.. Əşi, necə nə qayırırsan ki, xalqın tutub yerini əlindən alıbsan – bu bir; üstlərinə xərc qoyubsan bu iki; ağzın açıb, söz deməyə qoymayırsan – bu üç; başlarına min cürə “Tənbəki oyunu” açırsan – bu dörd; xalqın pulunu keyfin gəldiyi yerə xərcləyirsən – bu beş; keşişləri yemləyib salıbsan camaatın canına – bu altı; söyürsən – bu yeddi; döyürsən – bu səkkiz; öldürürsən – bu doqquz... S a ğ. Neçəyədək sayacaqsan? S ə d r i - m ə c l i s. Lənət sənə şeytan, dayna, balam, sənə nə? V ə z i r. Dinməyin görək ta nə deyir! S o l. Hələ bircə sən mənim bu sözlərimə cavab ver, sonra daldan “ucu güləbətinli” sözlə deyəcəyəm! V ə z i r. Heç sən anlayırsan ki, nə deyirsən? S o l. Mən anladığımı on il bundan irəli anlamışam, sözün var, söz danış! S a ğ (sola). Bilirsən adama nə qayırarlar? S ə d r i - m ə c l i s. Təvəqqe eləyirəm bir-birinizin üstünə igidləşmiyəsiniz! S o l (sağa). Sən nə quyruğunu bulayırsan? S ə d r i - m ə c l i s. Əşi, elə sözlər lazım deyil. S a ğ (sola). Bax, mənim dəli cinim var ha!.. V ə z i r (sola). Sən heç bir zad oxuyubsan? S o l. Yaxşı, bunun mətləbə nə dəxli var? V ə z i r. Mən imanım, sən heç hələ bilməyirsən ki, “hir” nədir, “pir” nədir? S o l. Təvəqqe eləyirəm ki, o barədə lap arxayın olasınız və zəhmət çəkib, mənim sözlərimə cavab verəsiniz! S a ğ. Yaxşı! Bircə de görüm sənin dediyin nədir? S o l. Sən kimsən? S a ğ. Mən kim olduğumu sənə bildirərəm! S o l. Əlindən gələni beş boşqaba çək! V ə z i r (sola). Mən də ona sonra layiqli cavab verərəm. S o l. Bütün bu camaatın içinə bu şuluqluğu salan siz sağlar ilə siz vəzirlərsiniz! S a ğ. Yalançının? S o l. Olsun! V ə z i r. Atasına! S o l. Olsun! S a ğ. Babasına! S o l. Olsun! V ə z i r. Min lənət! S a ğ. İki min lənət! S o l. Ey olsun, ey olsun! S ə d r i - m ə c l i s. Balam, indiki belə oldu, məclis tamamdır. Durun, gedin işinizə, siz ilə danışan gərək əvvəlcə “bat-bat” kökü yesin. Buyurun, bu da Dövlət dumasının məclisi. * * * Üçüncü rəqib İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır. Bu rəqib Avropa arasında “Sultan Həmid dostu və aləmi-islam hamisi” adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində “Osmanlı evyıxanı” və “aləmi-islam düşməni” ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir. İki əvvəlinci rəqiblərdən ibarət olan Rusiya və ingilis istibdad giriftarı olan İrandan istifadə edirdilərsə də, bu üçüncü rəqib – Almaniya məşrutiyyət və vəkaləti-milliyyəyə nail olmuş İrandan nəfbərdar olmaq istəyir. İki əvvəlincilərin təməhi nə qədər hədsiz olsa idi də bir o qədər təsəllibəxş idi. Çünki getdikcə xalqın göz açıb oyanmasına səbəb olardı və çox ola bilsin ki, oldu da; amma bu üçüncü rəqibin zühuru hələ ki, heç bir təsəlli verməyir. Almaniya, ingilis qəzetlərinin yazdığına görə, İran ticarət bazarlarında şayani-əhəmiyyət bir mövqe işğal etmək üçün qəti təşəbbüsatda bulunmağa başlamışdır. Belə ki, Almaniya “Orient bank”ı Tehranda və Təbrizdə özünə şöbələr açmaq üçün İrana xüsusi bir nümayəndə göndəribdir. Alman bankının burada məqsədi ondan ibarətdir ki, İran hökumətindən (Osmanlıdan aldığı kimi) müxtəlif imtiyaz (konsessiya)lar alıb, İran “Bankmilli”silə müahidələr bağlasın və hamısından ümdə budur ki, iki dəmiryol inşası üçün imtiyaz alsın ki, bunlardan biri Osmanlı sərhədinə və digəri isə Xəlici-farsda olan alman (port) bəndərinə çəkilsin. Bu axırıncı mövqe Bağdad dəmir yolunun dəxi intihasıdır. “Slovo” qəzetəsinin yazdığına görə, alman qəzetələri açdıqca izhar edirlər ki, almanın bu təşəbbüsatı-tüccariyyəsinin ümdə səbəbi ingilis politikasına qarşı müxalifət göstərməkdən ibarətdir. Əgər ingilis nüfuzu artıq olub və alman bankı İran “Bakı milli”silə mətin bir etilaf düzəldə bilməsə, o surətdə Tehranda xüsusi və müstəqil bir şöbə açıb öz nüfuzunu İranda ümdə ticarət mövqelərində intişara başlayacaqdır. Bununla bərabər, səy olunacaqdır ki, İranda alman ticarət paroxodstva (seyrisəfain)sı dəxi getdikcə artsın. Bunun üçün alman paroxodları yük filan daşımaqda ingilis paraxodlarına nisbətən az qiymət alacaqdır. Alman qəzetələrinin söylədiyinə görə, alman “Orient bankı” bərk ümiddədir ki, hökumət dəxi o xüsusda ona lazımı köməklər edib böyük bir tərəfdar olacaqdır. Çünki alman hökumətinin İrana dair nəzəri budur ki, “İran iranlılardan ötrüdür”. Yəni alman hökuməti Rusiya ilə ingilisin İranda politika işlətməsinə razı olmayıb bu arzulardadır ki, onlara orada bir badalaq vura bilsin, ona görə öz bankına kömək edəcəkdir ki, ingilis və rus nüfuzlarını İranda azaltsın. Bizim əqidəmizcə “İran iranlılardan ötrüdür” deməkdə Almaniya hökumətinin məqsədi İranın hər bir cəhətcə tamamiyyətini gözləmək deyil, bəlkə, bu tərazın əsasi rus və ingilislərə qarşı həsəd və paxıllıqdır. Hər halda, rus və ingilis məhafili-tüccariyyələri Almaniyanın bu təşəbbüsünə görə böyük əndişələrə düşübdürlər; Almaniya isə onlara təsəlli verir, yəni ruslara deyir ki: Artıq əndişə etməyin, mənim bu politikam büsbütün, ingilis nüfuzuna qarşı ittixaz olunubdur; ingilisləri isə bununla arxayın etmək istəyir ki, bəli, qorxmayın mən sizin İranda olan nüfuz və mənafeyinizə toxunmaram, ancaq öz ticarətimin tərəqqisinə çalışıram. Lakin nə rus və nə ingilis məhafili-tüccariyyəsi təsəlliyab olmaq istəməyirlər. Çünki şübhəsizdir ki, alman politikası onların hər ikisinin İranda olan nüfuz və mənafelərini xələldar edəcəkdir. İran məclisi-məbusanı Almaniyanın bu politikasına böyük bir əhəmiyyət nəzərilə baxıb, ehtiyatda bulunmalıdır və bunu dəxi unutmamalıdır ki, ingilisin alman dövləti başına min cürə kələklər açmasına səbəb həmin bu Almaniya və sultanın Almaniyaya hüsni-təvəccöhi oldu. Söz yoxdur ki, ingilis və demək olar ki, Rusiya dövləti bu yeni rəqib qabağında geri çəkilib, (pəs) deyəcək qədər ürəksiz deyildirlər; ona binaən bu üçünün arasında şiddətli bir rəqabət törəyəcəyi şübhəsizdir. Burada, mənim zənnimcə, İranın, yəni İran məclisinin təklifi, bu rəqiblərin heç birinə nə hüsni-təvəccöh, nə ədəmi-iltifat göstərməyib rəqabətlərindən bacarıb, vardıqca nəfbərdar olmaqdır, vəssalam! * * * Köçürtmək məsələsi “İrşad”ın 62-ci nömrəsində Əhməd bəy cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisinı rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər. Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərkivətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur. Biz böyük bir ümid bağlamışıq ki, Rusiyada məşrutiyyət əsasları möhkəm ediləndən sonra hökumətin bu nifrətli politikasına bir xitam çəkilib Qafqaz nəməli öz yerlərində asudəcə dolanmağa başlar. Lakin bu yer məsələsi araya düşdükdən bəridir ki, Qafqaz yerlərinin rus mühacirlərinə verilmək qorxusu bəzi zəvatı əndişə və təlaşə sövq edir. Biz dəxi bu əndişəyə şərikik; fəqət digər tərəfdən bizə bir ümmidi-təsəlli verir ki, madam ki, Rusiya dövləti, bütün padşahlıq, monastr, mülkədar və sairə yerləri əhali sitifadəsinə vagüzar edəcək dərəcə məşrutiyyət halını kəsb edərsə, o surətdə rusifikasiya, cəbr və təzyiq politkası dəxi fəsx və məhv olunub gedər. Doğrudan da bunu mülahizə edəlim ki, içəri rusiyalıları Qafqaza köçürməkdə hökumət bu səbəb göstərir ki, Rusiyada kafi dərəcədə yer yoxdur. Bu da doğrudur. Yerlərin lap yaxşıları və hələ demək olur ki, çox hissəsi padşahlıq, kabinə, monastır, mülkədar malı olduğu halda əlbəttə, yazıq kəndli üçün bir şey qalmaz. Amma vaxti ki, bu yerlər azad olunub, büsbütün əhaliyə verilərsə, dəxi Rusiyada kəndli üçün yer yoxdur deməyə hökumətin haqqı olmaz və olmadığı halda içəri Rusiya kəndlilərini dəxi Qafqaza köçürtməyə heç bir səbəb araya bilməz. Lakin bu ümid ilə bərabər, biz yenə xof və təlaşda olub, bu “pereselenie” məsələsinə böyük diqqət yetirib, azad olunan surətdə həll edilməsini canü dildən arzu edirik və kəmali-məmnuniyyətlə bunu eşidirik ki, Qars məbusu Atabekyansın yazdığına görə kadetlər duma sədrinə bir kağız verib soruşurlar ki, Qafqaz canişini Qafqaza dair bəzi mühüm məsələləri və əzoncümlə həman bu “pereseleniyanın” qət edilmək məsələsini dumaya yazıb bəyan edəcəkdirmi? Müsəlman vəkili Xanxoyski cənablarının nitqindən və erməni vəkili Atabekyansın bu yazdığından məlum olur ki, Qafqaz vəkilləri bu məsələyə lazım olan diqqəti yetiribdirlər. * * * Ordan-burdan 100 Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu cürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında “şlafka”sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə cürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki: “...mollalarımızdan birini bazarda tutub dedim ki, bircə de görüm sən nəçisən? Dedi: “Əlhəmdülillah axundam!”. Dedim: “Xub, indi ki, sən axundsan – bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?..” Burada sözümü kəsib dedi: “Bir dur!”. Dedim: “Nədir?” Dedi: “Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı”. Dedim: “Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin...” Burada sözümü kəsib dedi: “Bir dur”. Dedim: “Nədir?” Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı”. Bu kağızı oxuyandan sonra mən bir çox dərin fikrə getdim və sonra başımı aşağı salıb öz işimə getdim. * * * Amma heyf ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu çıxıb işinə getməyir və onun əvəzinə başlayır “cəmi islam tərəfindən” kağız yazıb, “cəmi islam tərəfindən” də qol qoyur. Oxuculardan təvəqqə eləyirəm ki, zəhmət olmazsa, “İrşad”ın 65-ci nömrəsini zəhmət olmasa, bir də ələ alıb və zəhmət olmasa “felyeton” qismində Şamaxı deputatı Nəcəf Yəhya oğlunun yazdığı sözləri bir də oxusunlar və zəhmət olmasa o sözlərin bu yerlərinə diqqət yetirsinlər ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlu deyir: “Fovqdə məzkur məqalə məxsusunda səhvinizi etiraf edib, cəmi islam tərəfindən əfv olunacağınızı istəsəniz məqaləni eyni ilə hərfbəhərf qəzetəyə dərc edərsiniz”. Və təvəqqe eləyirəm ki, bu sözləri oxuduqdan sonra zəhmət olmasa, Yəhya oğlu Nəcəfdən soruşsunlar ki, o söylədiyi “cəmi islam” kimdən ibarətdir. Əgər cavab versə ki, “cəmi islam” onun özü Yəhya oğlu Nəcəfdən və bir də onun havadarlarından ibarətdir, onda onunla heç bir işləri olmasın, çünki o surətdə “fəziləti-axund məlum şöd” olur. Yox, işdir, birdən cürət edib desə ki: “Cəmi islam” elə cəmi aləmiislamdan ibarətdir, o surətdə zəhmət olmasa, onun qulağına yetirsinlər ki, fərəğat oturub bəzi, yəni biz aləmi-islam üzvlərini ələ dolamasın və aləmi-islamı özünə qalxan qayırıb, haqq sözlərin oxunun qabağına verməsin və zəhmət olmasa, bunu da o kişiyə yetirsinlər ki, Şamaxıya deputat olmaq ilə aləmi-islama deputat olmağın arasında zəminü asiman təfavüt var. Bunu bilsin və bilib də təklifini başa düşsün. * * * Amma mən heç başa düşə bilmirəm ki, bu “Molla Nəsrəddin”in o şəkil çəkənləri bu adamların şəklin necə çəkir ki, lap özlərinə oxşadır. Əqlim kəsir ki, bu “vergi”dir, yoxsa “vergi” olmasa adamın ağzı nədir ki, o cürə şəkil çəksin. Dünən mən günortadan axşama kimi oturub, istəyirdim ki, bir şəkil çəkim; məsələn, istəyirdim bu cürə bir şəkil çəkim ki, məsələn, fərz eləyək ki, bu gün söz gəlişi bir neçə müsəlman bir yerə yığılıb bir məclis açırlar və o məclis üçün bir nizamnamə qayırıb öz dəst-xətlərilə yazırlar ki, bəli, əgər bu məclisin üzvü öz üzvlük haqqını verməyib vaxtını keçirsə, üzvlükdən məhrum olar və ondan sonra istəyirdim çəkim ki, məsələn, bu məclisin həmin o üzvləri öz üzvlük haqlarını verməyib, elə bir ucdan vaxtı keçirirlər və sədriməclis də istəyir ki, bunları bir yerə yığıb, nizamnaməni bunlara oxusun, amma mümkün olmayır, çünki üzvlər yığılmır; və axırda bunu da istəyirdim çəkim ki, məsələn, sədri-məclis baxır görür ki, məclisin sandığında bir qara köpük yox və məclisin işi də xarabdır, ona görə gətirib kağız yazıb hər üzvdən üzvlük haqqını tələb edir və lap axırda bunu da çəkəcək idim ki, həmin üzvlər sədrin bu kağızından bərk inciyib yığılırlar onun başına və hər tərəfdən məzəmmət eləyib deyirlər ki: Əşi, ayıb deyilmi? Bu nədir bizim üstümüzə “mənsil” qoyursan, oğru deyilik, quldur deyilik, bir-iki manan verəcəyik, nə təfavütü var – o da bizimdir, bu da bizimdir; sandıqda olmasın, bizim cibimizdə olsun, nə təfavütü var? Sədri-məclis deyir ki: Ala, balam, bu nizamnaməni yazan siz özünüz olubsunuz dayna, ta nəyə acığınız tutur; onlar da cavab verirlər ki, qoy oturaq sən allah, rəhmətlik oğlu, elə bir o qalmışdı ki, gəlib boğazımıza çökəsən. Qərəz, bu cürə bir şəkil çəkmək istəyirdim, amma ha çalışdım, vuruşdum, gördüm heç zad çıxmayır... Necə ki, elə müsəlman məclislərinin özlərindən də heç zad çıxmayır. * * * Ordan-burdan 101 Belə rəvayət edirlər ki, Hindistanda bir biyaban var, dərvişlər o biyabana gedib dəyirmi bir cızıq çəkirlər və tamam 40 gün orada qalıb, axırda bilici olurlar. Amma deyirlər ki, hərgah bir dərviş 40 günün içində bu dəyirmi cızıqdan ayaq kənara qoysa, haman dəm onun üstünə şirlər, pələnglər, əjdahalar tökülüb parça-parça edərlər. İndi bizim dumanın üzvləri də gedib, Peterburqda Tavriçskiy saraya girib arxayındırlar ki, heç bir “şir”, “pələng”, “əjdaha”, yəni qaradavoy, filan onlara bir çırtma da vura bilməz. Amma di hünərləri var, oradan çıxıb dağılsınlar! Deyərəm ki, Pruşkeviç və yoldaşlarından savayı birini də yerdə qoymazlar, o saat tutub qazamata salarlar. Odur ki, indi pasxa bayramını bəhanə edib, hökumət onlara deyir ki, ay balam, daha bəsdir danışdınız, yorulubsuz, bayram gəlir, gedin bir az gəzin, sonra yenə qayıdıb gələrsiniz. Onlar da hökumətin bicliyini duyub, deyirlər ki, lotu, öz aramızdır, amma bizi tutub “voenni polevoy suda” verərsən! Qərəz, məzəli işdir. * * * Amma bundan məzəli iş olmaz ki, görürsən birdən bir millət xaini durub özünü millətə xahan hesab edir, bəzi vaxt, hələ desən, cəmi aləmi-islam tərəfindən də qazılıq edir. Məsələn, cəmi ağıllı adamlara məlumdur ki, Osmanlı hökuməti türk millətinin və aləmi-islamın evini xarabə qoyub, külünü göyə sovurubdur və hər kəs bunlara tərəfdar olsa, o da bütün türk millətinə və aləmi-islam xaindir və hər kəs bu xainə tərəfdar olsa, o da xaindir. İndi onu deyirəm ki, məzəli burasıdır ki, bu gün məsələn, bir canıyanan durub məsələn, Osmanlı hökumətinin pisliyindən danışsa, yazıq millətin dərdinə ağladıqda, görürsən haman o xaini-millətlər yerbəyerdən baş qalxızıb, Osmanlı hökumətini tərif və müdafiə edirlər və öz aləmlərində guya millətə və aləmiislama yaxşılıq edirlər. Halbuki həqiqətdə bayquş kimi ulayırlar və bu viranə qoyulmuş yeri bir də təzədən viran etmək istəyirlər. * * * Bizim bayquşlar bizim yerləri viran etmək istədiyi kimi, rus bayquşları da dumanı dağıdıb, Rusiyanı viran etmək istəyirlər. Bizim xain millətlər Osmanlı hökumətini tərifləyən kimi, rus xain millətləri də Rusiya hökumətini tərif edirlər. Belə ki, Rusiyadan gələn adamlar xəbər verirlər ki, baş vəzir Stolıpin gündüz axşamadək teleqram almaqdan lap təngə gəlibdir. Bu teleqramları göndərən xainlər və bayquşlar yazıq vəziri tutubdurlar ki, bu saat dumanı qovub dağıdasan. İndi vəzir də qalıb belə, bilmir nə qayırsın, qovsun-qovmasın. Bir dəli şeytan deyir ki, qov! O biri ağıllı şeytan da deyir ki, qovma! Stolıpin özü də çox bikef olub hərdənbir Füzulinin bu şerini oxuyur: Ah, kim, bir dəm fələk rəyimcə dövran etmədi! Yerli-dibli uçurub bu dumu viran etmədi! * * * Ordan-burdan 102 Dünən “Proqress” qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə. İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də “lal qaydası” ilə versin. Bu da belə. İndi gələk “lal qaydasına.” “Lal qaydası” bax bu cürdür: Uçitel daxil olur otağa və istəyir ki, dərs desin, özü də gərək müsəlmanca bir sez danışmasın, baxır Levitskinin kitabına, görür yazılıbdır ki: “Ya rıdayu”, yəni mən hönkürüb ağlayıram. Uçitel istəyir bu sözləri uşaqlara qandırsın, özü də gərək müsəlmanca bir söz danışmasın. Ona görə uçitel cibindən bir dəsmal çıxardıb başlayır ağlamağa və uşaqlardan rusca soruşdu: “İşto ya delayu?” Uşaqlar qalır məəttəl ki, bilmirlər ki, uçitel nə soruşur, ona nə olubdur, ölən kimdir, uçitel yenə ağlayır və yenə uşaqlardan soruşur ki, “İşto ya delayu?” Özü də gərək müsəlmanca bir söz danışmasın. Uşaqlar yenə qalırlar belə, bilmirlər ki, uçitelin kimi ölübdür, təqsir kimdədir? Uçitel də bu tərəfdən qısnayıbdır ki: “İşto ya delayu?” Yəni mən nə qayırıram, özü də gərək müsəlmanca bir söz deməsin. Axırda uşağın biri barmağını qalxızır, uçitel sevinir və rusca deyir ki, “Nu ka işto yu delayu?” Uşaq durur ayağa və müsəlmanca deyir ki, Mirzə, qarnım ağrıyır, qoy çıxım çölə! Uçitelin bərk acığı tutur, özü də gərək müsəlmanca bir söz danışmasın, tüpürür yerə və o başa-bu başa gəzinir, uşaqlara rusca deyir ki, “Ya rıdayu!”, yəni mən hönkürürəm. Uşaqlar da deyir ki, “Ya rıdayu!”. Amma, uçitel buna razı olmur, çünki uşaqlar gərək desinlər ki, “Tı rıdayeş”, yəni sən hönkürürsən. Uşaqlar da bunu bilmirlər və uçitel də gərək müsəlmanca bir söz danışmasın, vaxt keçir, uçitel çığırır, uşaqlar qanmır, dərs qalır... Axırda uçitel deyir: “Tı rıdaeş”, yəni sən ağlayırsan. Uşaqlar da bunu deyir, uçitelin bir az keyfi açılır, dəsmalı gözünə bir də tazadan tutub hönkürür və rusca soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyir mən nə qayırıram? Uçitel yenə qalır belə, uşaqlar da qalırlar belə. Uçitel deyir ki, “sən ağlayırsan”. Uşaqlar da deyir ki, sən ağlayırsan. Uçitel soruşur ki, mən nə qayırıram? Uşaqlar da deyirlər ki, mən nə qayırıram? Uçitel deyir ki, sən hönkürürsən. Uşaqlar da deyir ki, sən hönkürürsən! Uçitel çox bikef olur, özü də gərək müsəlmanca bir söz deməsin. Bu vaxt şkol zəngi çalınır, uşaqlar durub otaqdan elə qaçırlar ki, guya bunları tutub tələyə salmışdın və sonra evlərinə gedib, analarına deyirlər ki, bu gün şkolda ağlaşma vardı. Anaları soruşur ki, bir zad yox idi ki? Deyirlər yox, deyir bir də olsa bizə də xəbər verin, gedək biz də ağlayaq, savabdır. Onlar da deyirlər ki, yaxşı. İndi, haman “lal qaydası” bax budur ki, nümunəsini göstərdim. Ancaq cənab Levitskiyə deməlidir ki, balam, hər gah kitabını satmaq istəyirsən, get bir özgə bazar tap, yoxsa bizim uşaqlar indi elə bicləşiblər ki, hərgah bir də onlar görsələr ki, uçitel gəlib ağlayır, gedib analarını çağırıb sənin kitabının üstündə ağlaşma qurarlar. * * * Ordan-burdan 103 Müəllimlər ictimainə dair Təvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin. Ay molla inteligent, bilirsən nə var!? Bilmirsən? Ba! Yazıq sənin halına, ədə, müəllimlər istəyirlər ki, yenə bir yerə yığılıb “syezd” qursunlar. Orada millət dərdini danışsınlar, camaatın diqqətini cəlb eləsinlər, sənin şöhrətinə toxunsunlar, özləri şöhrət qazansınlar, hər yerdə tərif alsınlar, səni yaddan çıxartsınlar, sənin kimi xalqı aldadıb yalançı pəhləvan olmasınlar, məclis qurub iş görsünlər, sənin kimi tullanıb düşməsinlər. Ədə, nə durmusan? Tez ol donos ver, yoxsa ki, işin xarabdır! Tez ol, hökumətə xəbər elə, yoxsa ki, pəşiman olarsan! Gəncəyə getsələr qoyma! Tiflisə getsələr qoyma! Bakıya gəlsələr qoyma! Şəkiyə qaçsalar qoyma! Heç yerə qoyma, qoyma, qoyma... Əyyam xarab olubdur, qoyma, aləm aləmi digər olubdur, qoyma. Bax, mən dedim, bundan sonra özün bil. * * * Ordan-burdan 104 Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür. * * * Birinci şadlıq Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi. Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir. * * * Ordan-burdan 105 Müsəlman kəndlisinin siyasi söhbəti – Atamoğlan əmi! İndi sən bizim içimizdə ağıllı adamsan dayna! Özün də pristav qabağında söz danışansan. Şəhərə zada da çox-çox gedib gəlirsən, bircə de görüm dünyada vəzir böyükdür, yoxsa vəkil? – Əlbəttə, vəzir böyükdür! – Yaxşı, indi söz gəlişi, bu gün vəzir istəsə, sən bilirsən dayna, vəkili tutub qazamata sala bilərmi? – Salar! – Vəkil də, söz gəlişi, istəsə goburnatı salar, elə dəyilmi? – Bəli! – Goburnat da deməli, nəçənliyi salar? – Bəli! – Nəçəlnik də pristavı salar? – Bəli! – Pristav da yüzbaşını salar? – Bəli! – Yüzbaşı! da, deməli bizi salar? – Bəli! – Yaxşı,onda deməli, bu gün məsələn, vəzir istəsə vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da? – Salmağına salar, amma qazamatda bir elə yer olmaz. – Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur... * * * Ordan-burdan 106 Bir şvesarlı ilə bir müsəlmanın söhbəti M ü s ə l m a n. Bircə de görüm, ay şvesarlı, sizin camaatınız da bizim camaatımız kimi adamdırlar, dayna? Ş v e s a r l ı. Bəli, adamdırlar, necə? M ü s ə l m a n. Heç, elə-belə soruşurdum. Deməli sizdə də bəy, xan, dövlətli və qüvvətli adamlar var? Ş v e s a r l ı. Bəli, hamısı var! M ü s ə l m a n. Bəs sizin o kasıblarınız və zəifləriniz, zadınız nə təhər dolanırlar? Ş v e s a r l ı. Kasıblarımız öz kəsbinə məşğuldur, zəiflərə də qüvvətli adamlar kömək eləyirlər... M ü s ə l m a n (təəccüblə). Necə yəni? Ş v e s a r l ı. Necə “necə yəni?” M ü s ə l m a n. Axı, sən deyirsən ki, zəiflərimizə qüvvətli adamlarımız kömək eləyir, onda bəs, deməli, siznən bizim aramızda asimanü zəmin təfavüt var! Ş v e s a r l ı (təəccüblə). Necə yəni? M ü s ə l m a n. Necə “necə yəni?”. Ş v e s a r l ı. Axı sən deyirsən ki, zəif adamlarımıza qüvvətlilərimiz kömək eləyirsə, sizinlə bizim aramızda asimanü zəmin təfavüt var. Bəs, onda deməli, sizin işiniz tərsinə düşüb. M ü s ə l m a n (təəccüblə). Necə yəni? Ş v e s a r l ı. Necə “necə yəni?”. M ü s ə l m a n. Axı, sən deyirsən ki, sizin işiniz tərsinə düşüb nədir, nədir sizin qüvvətli adamlarınız zəif adamlarınıza kömək eləyir. Amma bizimki eləmir, halbuki, “avandına” düşən elə əsil bizimkidir. Çünki zəif yaranıbdır ki, zəif olsun, qüvvətli də yaranıbdır ki, qüvvətli olsun. Daha burada kömək, filan yəni çi? Ş v e s a r l ı. Necə “necə yəni kömək, filan yəni çi?” M ü s ə l m a n. Necə “necə yəni kömək filan yəni çi”? Ş v e s a r l ı. Axı, sən deyirsən ki, zəif, zəif yaranıb, qüvvətli də qüvvətli. Kömək, filan da lazım deyil. Bəs, deməli, onda dünya elə bir sinif adamlardan ötrü yaranıbdır? M ü s ə l m a n. Necə yəni? Ş v e s a r l ı. Necə “necə yəni?” M ü s ə l m a n. Axı, sənin sözündən bu çıxır ki, guya qüvvətli gərək zəifə kömək edə, bəs, yaxşı, bəlkə onda birdən qüvvətli kömək elədi, zəif də qüvvətləndi, onda nə? Ş v e s a r l ı. Necə yəni? M ü s ə l m a n. Necə “necə yəni?”. Ş v e s a r l ı. Axı, sən deyirsən ki, bəlkə zəif qüvvətləndi, onda nə? Elə bizim də istədiyimiz zəifin qüvvətlənməsi deyilmi? M ü s ə l m a n. Necə yəni? Ş v e s a r l ı. Necə “necə yəni?” M ü s ə l m a n. Axı, sən deyirsən ki, bizim də istədiyimiz zəifin qüvvətlənməsidir. Deməli, onda siz allahsız iş görmək istəyirsiniz? Ş v e s a r l ı. Necə yəni? M ü s ə l m a n. Necə “necə yəni?” Ş v e s a r l ı. Axı, sən deyirsən ki, onda allahsız iş görmək istəyirsiniz. Deməli, sizlərdə zəif qüvvətlənsə vay qüvvətlinin halına, halbuki bizlərdə zəif qüvvətlənsə qüvvətli də rahət olar. M ü s ə l m a n. Necə yəni? Ş v e s a r l ı. Necə “necə yəni?” M ü s ə l m a n. Axı, sən deyirsən ki, sizlərdə zəif qüvvətlənsə, qüvvətli də rahat olar. Sözün doğrusu, görünür ki, siz çox qəribə tayfasınız? Ş v e s a r l ı. Xeyr, qəribə tayfa sizsiniz ki, zəif adamlarınızın qüvvətlənməsindən qorxursunuz. M ü s ə l m a n. Xeyr, qəribə tayfa, sizsiniz ki, öz xeyri-şərinizi bilmirsiniz! Ş v e s a r l ı. Ha, ha, ha, ha!.. M ü s ə l m a n. Zəhrimar!.. * * * Ordan-burdan 107 Bir müsəlman ilə bir şvesarlının söhbəti (Keçən nömrənin axır-uxuru) Müsəlman dedi: – Siz biədəbsiniz, sizdən hər nə desən çıxar!.. Şvesarlı dedi: – Ədəb nədir? Müsəlman dedi: Ədəb odur ki, zəif gərək qüvvətliyə və kasıb da dövlətliyə itaət eləsin, nəinki ondan kömək gözləsin. Şvesarlı dedi: – Amma bizdə ədəb odur ki, insan gərək öz insanlıq şənini gözləsin. Müsəlman dedi: – İnsanlıq şəni nədir? Şvesarlı dedi: – İnsanlıq şəni odur ki, insan kasıb da olsa, dövlətli də olsa, gərək hər bir sıxıntıdan azad olsun. Müsəlman dedi: – O cür şeyə bizdə qudurğanlıq deyərlər, insan da var, insan da. İnsan var ki, heç kəsin cürəti ola bilməz ki, ona püf eləsin, insan da var ki, gündə başına min qapaz salsan, bir dəfə də sənə püf deməyə cürəti olmaz. Şvesarlı dedi: – O cür şeyə bizdə nainsaflıq deyərlər və ona da heç kəs razı olmaz. Müsəlman dedi: – Siz kafirsiniz və cəmi tutduğunuz işlərin də hamısı küfirdir. Burada söhbət tamam olur. * * * “Tərcüman” nə deyir, nə söyləyir? Biz “İrşad”ın keçən nömrələrində yazmışdıq ki, dumanın sağ tərəfi, yəni pruşkeviçlər, şulginlər və sair mühafizəkar və zülmətpəsəndlər dumanı bir “yəhudi yığıncağı” deyə hesab edib, dağıdılmasını arzu etdikləri üçün bu arizuyi-nifrətəngizi hüsulə gətirməkdən ötrü istəyirdilər ki, sol tərəf üzvülərin hərəkati-ifratpərvəranəsindən istifadə edərək, dumanı elə bir hala qoysunlar ki, hökumət tərəfindən dağıdılması naçar olsun. Bunun üçün onlar bir gün surəti-rəsmiyyədə duma əhlinə təklif etdilər ki, bütün duma, Rusiyada davam edən siyasi qətl, cinayətlərə qarşı izhari-nifrət etsin. Bu təklifin nə qədər yersiz olduğunu və bu günə təkliflərin duma vəzifəsinə bir o qədər aid olmadığını biz keçən nüsxələrdə yazmışdıq və onu da demişdik ki, duma sağların bu məsələsinin həllini gələcək günlərə saxlayıbdır. O vaxtdan bəri məlumdur ki, dumanın hər bir fraksiyası bu məsələ barəsində düşünüb, yəqin müəyyən bir fikir hazırlayıb. Burada bizim diqqətimizi artıq cəlb edən o idi ki, görək dumanın müsəlman fraksiyası ki müsəlman ittifaqının mərkəzi komitəsi üzvləri ilə bərabər iş görməyə başlayıbdırlar, bu məsələyə dair nə qərar ittixaz edəcəkdir. Biz bu qərarı, təkrar edirəm, böyük bir diqqət İlə gözləyirdik, çünki məsələ çox “nazik” olduğundan qorxurduq ki, birdən müsəlman fraksiyası əhyana səhv düşüb, özünü “komprometirovat” eylər, yəni bütün həqiqi hürriyyətpərvərlər gözündə etibardan düşməyə məcbur olar. Lakin digər tərəfdən duma üzvlərinin və xüsusilə mərkəzi komitə əzasının sahibi-ittila və bəsarət olduqları bizi bir qədər arxayın edirdi. Gözləndiyi üzrə müsəlman şöbəsi həmin dediyimiz məsələni bu günlərdə müzakirə edib, öz qərardadlarını bəyan etdilər və biz kəmali-xoşnudi və məsərrət ilə bildik ki, bizim duma müsəlman şöbəmiz bu məsələyə dair belə bir layiqli qərardad ittixaz edibdir ki, onun ixtisari budur: “Siyasi qətl və cinayətlərin törənməsinə və davamına səbəb davam edən tərzi-idarənin baqi qalması olduğuna görə bu tərzi-idareyimüstəqilə tərzi-idareyi-məşrutiyyətə münqəlib olduğu halda, siyasi qətl və cinayətlərə dəxi məhəl qalmayıb, öz-özünə yox olacağını nəzərə alıb, fraksiya sair məsələlərin həllinə keçir. Sağlardan səvayı bütün duma fraksiyalarının da qərardadlarının bu məzmunda olacağına şübhə yoxdur. Biz böyük bir ümiddə idik ki, bütün müsəlman mətbuatı duma müsəlman şöbəsinin bu qərardadını böyük bir razılıq ilə tələqqi edər. Lakin nə deyirsiniz ki, 25 yaşında olan “Tərcüman” babamız müsəlman şöbəsinin bu qərarını bəyənmir. İdarə təqribən bu sözləri deyir: “Biz müsəlmanlardan siyasi qətillər işində iştirak edən və hürriyyət fədaisi olan bir adam dəxi olmamışdır. Ona görə yaxşı olardı ki, bu məsələ barəsində bizim üzvlər heç bir söz deməyib, sükut edəydilər və öz rəylərini izhardan çəkinəydilər, çünki sükut üstündə heç kəs bizi məsul tutmaz”, amma danışıb söz desək – bunu da biz əlavə edirik – olsun ki, sağların və sağ havaxahlarının nəzərindən düşək. “Tərcüman”ın bu təklifi, sözün açığı, bizi bir çox özgə fikirlərə salır. Biz heç anlaya bilmirik ki, “Tərcüman” bizim vəkillərimizə belə bir nalayiq təklifi ibraz etdikdə, onları nə hesab edir və nə yerində qoyur. Fərz edəlim ki, “Tərcüman” indi, hətta, “əsil müsəlman” nöqteyinəzərindən işə baxır. Bu nəzərdən də onlara “sükut” təklif etməyi movcibi-istiqrardır. Bu məsələ, ümumi bir məsələdir, lakin o ümumi məsələlərdən deyildir ki, ona cavab verməmək və o xüsusda bir rəy izhar etməmək, üzvləri məslək və əqidə sarıdan sairlər gözündə şübhədar etsin. Məsələn; büdcə məsələsi dəxi ümumi və ən əhəmiyyətli bir məsələdir. Lakin əgər üzvlərdən bir parası bu məsələ xüsusunda “sükut” ixtiyar edib, bir söz danışmasa, sairlər güman edə bilər ki, bəli, bu üzvlərin büdcə məsələsinə əhliyyətləri yoxdur və o səbəbdən naşi izhari-rəydən çəkinirlər. Lakin, “siyasi qətl və cinayətlərə qarşı etiraz etmək” məsələsi elə bir ümumi məsələdir ki, o xüsusda bir rəy izhar etməkdən ötrü xüsusi bir biliyə ehtiyac yoxdur. Binaənəleyh bu barədə bir rəy izhar etməyib də “sükutə” dalmaq, sairləri şəkk və şübhəyə salmaqdır. Halbuki, bu məsələni dumaya verən sağlardır və nə niyyətlə verdikləri də hər kəsin məlumudur və məsələnin müzakirəsində iştiraki lazım olan dəxi bir iki bitərəf üzv deyil, dumada xüsusi bir ad və bir məhəl tutan müsəlman şöbəsidir. İş belə olan surətdə bu kimi məsələ xüsusunda izhari-rəydən çəkinib “sükut” ixtiyar etmək, bütün vəkaləti-milliyəyə qarşı iştə bu sözləri deməkdir: “Ay sağlar, biz sizin sözlərinizi təsdiq edirik, lakin dinməyib sükut ixtiyar edirik ki, sol tərəf bizdən inciməsin”. Yainki belə: “Ay sollar, sizin sözləriniz həqdir, lakin biz bu barədə izhari-rəy etməyib, qorxuruq ki, sağlar bizdən incisin!.” Zənn edirəm, əsil bu sözləri bəyan edən vəziyyət, – ki, “Tərcüman” müsəlman vəkillərinə təklif edir – nə sağlara xoş gələr, nə də sollara, bəlkə hər iki tərəfi narazı edib, müsəlman şöbəsini etibar və etinadan tamamilə salar. İndi keçəlim “Tərcüman”ın bu sözlərinə ki, deyir: biz müsəlmanlar azadlıq hərəkatında əməl və fel ilə iştirak etməyibdirlər. Bu söz doğrudur, bu hər uşağa məlum bir həqiqətdir. Lakin nə üçün biz müsəlmanlar azadlıq hərəkatında əməl və hətta qövl ilə də iştirak etməmişik? Çünki bizim külliyyətimiz haman idareyi-müstəbiddənin hökmü-fərmalığı sayəsində cəhalət içində qalıb, azadlıq hərəkatının mənasını anlamırıq. Lakin bizim ziyalı vəkillərimiz bu bəhanə ilə dumada “sükut” ixtiyar edə bilməzlər. Çünki etsələr, özləri də haman azadlıq hərəkatının mənasını anlamayacaq dərəcədə cahil olduqlarını iqrar edərlər. Ondan sonra onların gələcəkdə söyləyəcək olduqları sözlərə heç bir kəs məhəl qoymayıb, cahil üzvlər əvəzində aqil və sahibi-ittila adamların sözü keçməsini əfzəl tutarlar. Xülasə, “Tərcüman” rəfiqimizin müsəlman şöbəsi qərardadı xüsusunda idarədən əlavə etdiyi qərardad və “təklif” bizi artıq mütəəccıb qoyub, bu cürə suallara sövq edir ki, “babamız” nə deyir, nə fikr edir və axır məqsədi nədir? * * * Ordan-burdan 108 “Tərcüman” qəzetəsi və barama qurdu Bütün barama qurdu saxlayan oxucularımıza məlumdur ki, barama qurdu lap əvvəl toxum danələri şəklində olur. Sonra bu danələr dönüb olur qurd, lap axırda da bu qurdlar dönüb olur kəpənək, qurd kəpənəyə oxşamır, kəpənək də qurda. İndi, qəzetələr babası olan “Tərcüman” qəzetəsi dəxi nə təhər olubdursa, barama qurdu kimi “oyun” çıxartmaq istəyir. “Tərcüman” qəzetəsinin əvvəl bir yarısı rusca və bir yarısı da müsəlmanca çıxırdı. Amma sonra müsəlman qəzetələri artan zaman “Tərcüman” birdən-birə rus dərisini çıxardıb, müsəlman şəklində qaldı. Amma, yenə bu axır vaxtlar bəzi vaxt rus kürkünü yadından çıxartmayıb, hərdən bir, bir qolunu geyir. Bu “Tərcüman”ın zahiri üzü. Amma dərd burasıdır ki, “Tərcüman”ın batini üzü də zahirisinə cavab verir. Mənim yadımdadır ki, lap əvvəl “Tərcüman” biz müsəlmanları ruslara bitişdirmək istəyirdi... hə, uzun məsələdir. Sonra müsəlman qəzetələri çıxan zaman daha bitişdirmək istəmədi. Vallah indi də heç anlamaq olmur ki, “Tərcüman” babamız bizi kimə bitişdirmək istəyir. Doğrudur, çox deyir ki, ay “türk” belə gəldi, belə getdi, “müsəlman” belə oldu, amma... belə çox məzəlidir ey, qanmaq olmur ki, axı görək bu səfər bizi kimə bitişdirmək istəyir. Hə... qərəz, biz burasını bilirik ki, barama qurdunun sifətdən-sifətə düşməyi Allah-taalanın böyük bir hikmətidir ki, onu anlamaq çox çətindir. Bəs, görəsən “Tərcüman”ın bu sifətdən-sifətə düşməyi kimin hikmətidir ki, onu da başa düşmək belə çətindir? * * * Dövlət Duması Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır. May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu. Divani-hərblərin fəsxi xüsusunda duma tərəfindən hazırlanmış layihə isə Dövlət şurasında qəbul edilməyib, əksəriyyət rəy ilə rədd olundu. Əfsərlərin miqdarı məsələsi ifrat sollar ilə kadetlərin arasında pozğunluğa səbəb oldu. Sollar kadetləri ikiüzlülükdə zəmm və töhmət edirdilər və məsləkcə kadet olan duma sədrini də tərəfgir sayırlar. Doğrudan da kadet firqəsinin hərəkəti bu əsnalarda zəmmə layiqdir. Bu firqənin əqidə və məsləkcə əsası çox boşdur. Əvvəllərdə sol görünən kadetlər, indi sağlaşmağa üz qoyublar. Gələcəkdə nə olacaqlarını dəxi indidən anlamaq olar. * * * Ordan-burdan 109 Bəzi rəfiqlərim, məndən çox artıq təvəqqe etdilər ki, yenə onlara dumanın məclislərindən ikinci dəfə bir nümunə göstərim ki, lap yaxşı olsun. Yəni lap yaxşı qansınlar ki, görək dumada nə var, nə yox və bu işlərin axırı nə tövr olacaqdır. Mən də razı oldum və qəzetələrdən axtarıb, dumanın mayın 4-də olan məclisini tapdım. Gördüm ki, bizim müsəlman vəkillərindən də orada danışan olubdur. İndi dumanın bax, məclisi bu cür olubdur ki, onu burada müfəssələn sizə nağıl edəcəyəm. Hərgah işdir mənə inanan olmazsa, “İrşadı”n bugünkü teleqraflarını oxuya bilərlər. Dumanın 4 mayda olan məclisi. S ə d r i - m ə c l i s. Oturun görək, işimizin axırı nə tövr olur. Vəzirlər bir-iki para kağız göndərib, ancaq o sonranın işidir. İndi qoy bir az Hersen danışsın, səs-küy eləməyin, qulaq asaq. H e r s e n (durub danışır). Biz bura yığılmışıq ki, milləti irəli aparaq. Amma bu siz öləsiniz, öz canım üçün bizim bu millət bir az yazıpozu qanmırsa, heç vaxt irəli getməz. Mənim sözüm budur. M a a r i f v ə z i r i. Allah atana rəhmət eləsin! Bax əsil söz budur ki, bu kişi dedi. Canım, vallah, billah, tallah bizim camaat başı ipsiz bir heyvandır. Ondan ötrü lazımdır nə? İşkol, işkol, işkol və yenə işkol. Amma o cürə siz deyən işkol yox ha, ki, bu gün uşaq durub uçitelin üstünə tapança çəkə və uçitel də qorxusundan sarılıq azarına düşə. Bəlkə bu cür işkol ola ki, uçitel uşağın üstünə tapança çəkə və uşaq da qələt eləyib, bir də böyük üzünə ağ olmaya! (sağ tərəf bərk əl çalır və “bravo” deyir.) A r x a n g e l s k i. Mən onu-bunu bilmirəm, mini min söz desin, amma bizim işimiz işkolsuz tutmayacaqdır. Nə deyərsiniz, mən ölüm? H o m i n s k i. Əgər bildiniz firəng qoşununu kim basdı? Nemeslərin uçitelləri. Ona görə bizə lazımdır nə? İşkol! K r ı l o v. Zarafat oyanda dursun, işkolsuz işimiz fırıqdır. M a h m u d o v. Kişilər doğru deyir. Amma allahın altında bizim kənd uçitellərinin əhvalına bir baxsaydınız, o saat canınız yanardı. Kişilər, inandırıram sizi ki, bir də görürsən bir abbası tapmırlar ki, dəlləyə verib üzlərini qırxdırsınlar, amma siz fikr eləməyin ki, deyirəm ki, gərək onların donluğu artsın. Xeyr, təki qoysunlar ki, kişilər barı bir doyunca papaq yerə qoyub fikir eləsinlər! T i q r a n y a n. Allah o günə bir daş salaydı ki, bizi gətirib bu urusun əlinə verdilər. Əşi, işkol açır ki, camaat oxusun, gətirib içinə ya bir qaradavoy qoyur, ya da ki, bir rus mahrasası. V o z n e s e n s k i. Mən özüm uçiteləm, bunu da sizə deyim ki, bu cürə işkolda uşaqlar biclikdən başqa heç zad öyrənməzlər. P r u ş k e v i ç. Bu danışanın dili “ishal” azarına düşübdür. S ə d r i - m ə c l i s. Axmaq-axmaq danışma! H ə s ə n o v. Vaxtilə, Urusiyətdə “ağa deyir sür dərəyə, sür dərəyə idi”... Q l e p o v s k i. Bağışlayın, elə indi də Urusiyətdə “ağa deyir sür dərəyə, sür dərəyədir”. Çox füzulluq eləmə, sən küllən! Aşağı otur! (səs-küy düşüb, qalmaqal qopur və ağız deyəni qulaq eşitmir, Həsənov qorxusundan bilmir nə qayırsın və yazıq-yazıq deyir.) Neynək, Sizə görə “sür dərəyə”dir. Amma bizə görə “sür təpəyə”dir. Daha mənə acığınız niyə tutur? (Səs-küy lap bərkiyir, vur çatlasın düşür, Həsənov lap qorxub deyir ki) Yaxşı qoyun oturum aşağa. Neynək, dedim, deməmiş olum. S ə d r i - m ə c l i s. Kimdən qorxursan adə, heç oturub eləmə, de qurtar sözünü. P r u ş k e v i ç, Q l e p o v s k i və bir də S a z a n o v i ç. Di hünəri var, danışsın görək! S ə d r i - m ə c l i s. Ay camaat, istəyirəm Pruşkeviçi, Qlepovskini və Sazanoviçi qovalıyam bayra, nə deyirsiniz? H a m ı b i r y e r d ə. Ay, nə bir yaxşı iş elərsən! Sən öləsən böyük savab qazanarsan. S ə d r i - m ə c l i s. Adə, Pruşkeviç və Qlepovski və Sazanoviç, Siz nəsiniz? Bu saat durun rədd olun burdan. P r u ş k e v i ç, Q l e p o v s k i və S a z a n o v i ç. Yaxşı kamança çalırsan, amma heyif ki, səsi çıxmır. M ə c l i s ə h l i n d ə n b i r i. Üzünüz tökülsün, ay balam. S ə d r i - m ə c l i s. Adə, durun rədd olun demirəm sizə?! P r u ş k e v i ç. Axı çox da deyirsən, sənin sözünə qulaq asan kimdir? M ə c l i s ə h l i n d ə n b i r i. Adə, adam oğlusan, ayıbdır axı. Q l e p o v s k i. Belə əlimizin içindən gəlir, çıxmırıq! S ə d r i - m ə c l i s. Lənət sənə şeytan, dayna! A balam, yəni istəyirsiniz ki, qolunuzdan tutub çıxardam? S a z a n o v i ç. Di hünərin varsa çıxart. P r u ş k e v i ç. Allahdan istəyirəm ki, belə bir iş eləyəsən də! Ə h l i m ə c l i s d ə n b i r i. Balam, hərgah qoçuluq fikrindəsinizsə, onda, bura qoçu yeri deyil, gedin, məsələn, Bakıda qoçuluq edin! P r u ş k e v i ç. Təvəqqe edirəm, ağzuva yiyəlik eləyəsən, səni danışdıran yoxdur. S ə d r i - m ə c l i s. Adə, Pruşkeviç, sən atanın goru, dur burdan, yoldaşlarını da götür çıx get, qoy biz burda iş görək. P r u ş k e v i ç. Atamın goru haqqı, min il qala, getmərəm. Yoldaşlarım özləri bilərlər, gedirlər getsinlər, amma mən getmərəm (yoldaşları durub gedir, Pruşkeviç qalır). S ə d r i - m ə c l i s (dumaya). Balam, görünür ki, bu kişi arı yeyib, namusu da bağlayıb belinə. İnsanda gərək bir az həya olsun. Həya ki olmadı heç nə. Durun, çıxaq gedək evimizə, sizin hamınızın babalı olsun bunun boynuna! P r u ş k e v i ç. Mənə deyənin boynuna olsun! S ə d r i - m ə c l i s. Mən namərdəm, əgər səni 15 gün buralara qoysam. P r u ş k e v i ç. Bu sən öl, keyfim istəyəndə şax gəlib, yerimdə oturacağam, əlindən gələni beş qaba çək. M ə c l i s ə h l i (bir yerdə). Pah atanla, yeri, get, belə də bihəya olarmı, ay başınıza dönüm! Görəsən bu kimin belindən gəlib, kimin qarnından çıxıb. P r u ş k e v i ç (gedə-gedə papağını əyri qoyub, oxuyur, öz-özünə deyir). Yazıqlar, dayna, yığılıblar bura ki, milləti irəli aparacağıq! Ədə, mən namərdəm əgər bu dumu qoysam ki, sağ baş gora aparsın. * * * Ordan-burdan 110 Tarixdə vardır ki, qədim yunan filosoflarından “dəli filosof” adında bir şəxs özünə bir “şöhrət” qazanmaq üçün bir gün götürüb, ən gözəl və cəsim bir ibadətgaha od vurub yandırmışdı. İndi “Tazə həyat” rəfiqimiz də “məzəlilik” üçün “Keyfi gələndə” ağzına gələni götürüb yazan “Birisi” yoldaşımız, dəxi, özünə əbədi bir ad qoyub getmək üçün istəyir ki, müsəlmanların arasına iğtişaş salıb, allah-allahilə öyrədilən dayın quyruğu altına tikan qoysun. Bir kəlmə, istəyir ki, lotuluğa salıb, xalqı girə versin. Amma mənim ağlım kəsmir ki, “Birisi” yoldaşım bu yolda muradına çatıb, əbədi bir şöhrət qazansın. Çünki müsəlman camaatı dilsiz, cansız bir ibadətgah deyildir ki, ona od vurulduqda özünü qorumağa əlacı olmasın. Müsəlman camaatı diridir, özünün də ağrıyan canı vardır. Ona görə də “Birisi” rəfiqimizə məsləhət gördük ki, nahaq yerə “ispiçkasını” korlamasın, burada “neft” nə qədər çox olsa da pajar eləyə bilməyəcəkdir. Bəlkə ola bilsin ki, öz üstünə od düşə! Vəssalam. * * * Ordan-burdan 111 Qarabağda yer məsələsi – Kərbəlayı Kərim, sən dur yuxarıdan otur! – Yox, Məşədi Cəlil, elə bura yaxşıdır. – Yox, sən öl olmaz, dur bəri otur! – Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır. – Əşi, bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə, bir az da bəri, bir az da bəri, mən ölüm bir az da bəri, sən Həsənin canı bir az da bəri sürünçün! Helə bax, indi ürəyim arxayın oldu. * * * Həsənbala kişi, sən zəhmət çək dur bu aşağıdan otur, bura Kərbəlayı Heydərin yeridir. Bir az da aşağa, bir azca da aşağa, bir xırda da yanını aşağa elə atan olsun rəhmətlik! Yaxşıdır, daha ordan aşağı yenmə elə orda otur. Hər məclisdə gərək bu qayda və qanun olsun, elə deyil molla Vəli? Əlbəttə, qayda və qanundan başqa bir də burda ədalətə riayət olunur ki, hamısından vacib odur! Eşitdiyimiz xəbərlər Bizə belə xəbər verirlər ki, Dövlət dumasının üzvləri arasında qoçubazlıq əmələ gəldiyinə görə bəzilərinin fikri vardır ki, orada bir “Hidayət” məclisi açsınlar ki, hər bir kəsin vəzifəsini özünə bildirib, qoçuluğu aradan götürsün. Yenə, bizə belə xəbər verirlər ki, İran Məclisi-Millisi neçə vaxtdır ki, bir kəndirbaz axtarır ki, rus dumasında Pruşkeviç olan kimi, onların məclisində də bir kəndirbaz olsun ki, məclis əhli bidamaq və “iskuçnı” oturmasınlar. * * * Yenə bizə xəbər verirlər ki, Qafqaz müsəlmanları arasında “ittihad” və “ittifaq” qayırmaq üçün, mücahidlərimizdən birisi belə qanıbdır ki, müsəlmanları iki qismə bölüb şiyə və sünni adlandırmaq azdır, gərək dörd yerə bölüb, “tazə müsəlman” və “köhnə müsəlman”lara da böləsən ki, ittifaq və ittihad işi lap tez olsun. İdarədən: qəribə işdir vallah, bir yeri yamayırsan ayrı yeri yırtılır! * * * Müdhiş etiraz Bu gün dünyada bir yer yoxdur ki, oradan iğtişaş sədası, şuriş səsi gəlməsin. Demək olar ki, yaşadığımız bu XX əsrdə bütün dünya ümumi bir qələyan, hərcayi bir həyəcan içində titrəməkdədir. Ən mədəni tayfalardan başlamış, ən vəhşilərə kimi, bu gün hamı şuriş və iğtişaşa sarılıb mübarizə edir və bu günə kimi ümumi sükunəti xələldar edirlər. Əcəba, bu şuriş, bu iğtişaş, bu mübarizə nə üçündür? Bunlar hamısı çürümüş, köhnəlmiş əməldən düşmüş qayda və nizamlara qarşı, qəti bir etirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş qayda və nizamlara təhəmmül eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir ki, yenilənmək və tazələnməyə meyyal olan həyati-bəşəriyyənin asayiş və intizamını təmin edəməz. İştə, o səbəbdəndir ki, hər tərəfdən etiraz sədaları qalxıb, artmaqdadır. Bir ovuc köhnəpərəst və irticapəsənəd adamların bu etiraz sədalarını yatırtmağa qarşı olan təşəbbüsləri, onlar üçün heç bir müvəffəqiyyət hasil edəməz. Bu sədalar get-gedə çoxalıb, artıb, axırda gurultulu bir zərbə ilə qarşısına rast gələn bütün mümaniətləri nist və nabud edər. Daha bu etiraz seli qabağında köhnəpərəstlik qayaları sədd olub davam edəməz!.. * * * Ordan-burdan 112 Müəllimlər ictimai “Müəllimlər ictimai camaat məktəblərinin müdiri “Narodnıy inspektoru”nun cavabdəhəndəliyi ilə onun təhti-sədarətində olmalıdır. Sədr nə vaxt istəsə məclisi bağlaya bilər, habelə də üzvlərinin hansını istəsə məclisdən kənar edə bilər. İctimai 7 gündən artıq ola bilməz. Məclisə ancaq bircə inspektora tabe olan rayon müəllimləri cəlb ola bilər, bundan başqa heç bir kəs məclisə buraxılmaz. Məclisdə təlimdən qeyri heç müzakirə ola bilməz. İctimai edənlərin nə səsləri ola bilər, nə də qərarnamələri. “Ministr iznnaməsi” İ n s p e k t o r (syezdə yığılmış müəllimlərə). Xub, “isyezd”mizi başlayaq. Amma necə ki, sizə məlumdur hər bir məclisdə bir başçı adam, yəni bir sədr olmalıdır. Sədr kim olsun?.. Bu məsələni (əlini uzadır Peterburqa tərəf) ministr cənabları özü həll eləyibdir. (Döşünə döyüb çığırır.) Sədr mənəm! İndi mən ki, sizin inspektorunuzam və bir də sədrinizəm məclisi açdım, təvəqqe eləyirəm ki, qapıları bərk bağlayıb, oturasınız danışaq, ancaq qabaqca bircə məni arxayın eləyin görüm, içinizdə yad adam yoxdur ki? M ü ə l l i m l ə r. Xeyr, yad adam yoxdur. Tək bir özümüzük! İ n s p e k t o r. Dürüst baxın, yoxsa, sonra işin içindən xəta çıxar! M ü ə l l i m l ə r. Vallah, heç kəs yoxdur, tək özümüzük. İ n s p e k t o r. “Vallah” dediyinizə inana bilmirəm. Çünki siz “tazə müsəlmanlardan”sınız, Allaha inanmırsınız, düzünü deyin görüm, burada yad adam yoxdur ki? M ü ə l l i m l ə r. hərgah inanmırsınız, durun zəhmət çəkib baxın, cəmi cümlətanı üç cüt bir tək adamıq! (kənarə) Utanmasa durub baxar! İ n s p e k t o r. Sözün doğrusu, durub baxacağam, çünki mən ministrdən qorxuram, sonra xata çıxar (durub baxır, görür ki, yad adam yoxdur). M ü ə l l i m l ə r. Hə, gördün ki, biz “tazə müsəlmanlar” hamıdan artıq Allaha inanırıq? İ n s p e k t o r (utanır). Əşi, nə bilim, deyirlər ki, “tazə müsəlmanlar” Allaha, peyğəmbərə inanmırlar, görünür ki, sizin üstünüzə böhtan atırmışlar... Ancaq bunun syezdə dəxli yoxdur. Öz sözümüzü danışaq. M ü ə l l i m l ə r d ə n b i r i. Cənab inspektor, izn verin bir söz deyim. İ n s p e k t o r. Balam, bu gün olmaz, allah qoysa sabah danışarsan. Çünki indi gecdir, məclisi bağlayıram, durun gedin və sabah bir az tezdən gəlin danışaq. M ü ə l l i m l ə r (gedə-gedə). Bəli! Bu gün belə iş getdi! Görək sabah nə olacaq... İ n s p e k t o r. Məclisi açıram, indi hər kəsin nə sözü var danışa bilər. Allaha şükür, azadlıq verilibdir, siyasi, iqtisadi, ictimai məsələlərdən səvayı hər nə istəsəniz məktəb barəsində söyləyə bilərsiniz. Buyurun! M ü ə l l i m l ə r d ə n b i r i. Biz müsəlman millətinin maarif cəhətincə geridə qalmağımıza səbəb... İ n s p e k t o r. Yavaş görüm, hansı müsəlman millətini deyirsən? M ü ə l l i m. Biz Rusiya müsəlman millətini deyirəm. Necə? İ n s p e k t o r. Nahaq yerə sən elə sözlər danışırsan, Rusiyada müsəlman milləti olarmı? Rusiyada ancaq rus milləti ola bilər. Və bir də axı “millət” sözünün bura nə dəxli var? Sən gərək məktəbdən səvayı ayrı söz danışmayasan. M ü ə l l i m (bilmir nə desin). Məktəb məsələsi lap vacib məsələlərin biridir... İ n s p e k t o r (birdən). Tez ol, otur aşağa! M ü ə l l i m (təəccüblə). Nə üçün, cənab inspektor? İ n s p e k t o r (lap arxayın). Çünki mənim keyfim belə istəyir, ixtiyar sahibiyəm, istəsəm səni buradan qovaram da! Qoy indi də özgəsi danışsın. B i r ö z g ə m ü ə l l i m (durub danışır). Bizim hamıdan geridə qalıb mədəniyyət və mərifətdən məhrum olmağımıza səbəb məktəblərimizin azlığıdır. Ona görə bizə vacibdir ki, səy edib... İ n s p e k t o r. Mənə də vacibdir səy edib sənə deyəm ki, daha artıq müşərrəf eləmə!.. Dilotu yeməmisən ha! Bir-iki söz dedin bəsdir. Qoy elə olsun ki, hamı danışa bilsin. Otur! B i r a y r ı m ü ə l l i m. Bizi hamı məzəmmət eləyir ki, biz bir vəhşi və qanıb-qandırmaz bir tayfayıq: Mənim buna heç bir sözüm yoxdur, amma, əgər insaf məqamına gəlib, işin əslini axtarasan... İ n s p e k t o r. Qurtardın? M ü ə l l i m. Xeyr, hələ tazə başlayıram. İ n s p e k t o r. Ancaq uzun eləmə. M ü ə l l i m. Bəli, əgər işin əslini axtarasan, onda hər bir sahibivicdanə məlum olar ki, burada məzəmmətə layiq biz dəyilik, bəlkə hökumətin özüdür ki, bizi... İ n s p e k t o r (acıqlı). Hərgah bu saat buradan itilib, bayıra çıxmasan iki nəfər qaradavoy çağırıb deyərəm ki, səni aparıb qazamata soxsunlar. M ü ə l l i m. Qaradavoylara zəhmət vermək yaxşı deyil, mən özüm bayıra çıxaram (çıxır). İ n s p e k t o r (onun dalınca). Hərgah bu gedənin axırı anarxist olmasa mənə hər nə desəniz deyin. Bu cürəni işkolda saxlamaq olmaz. Gərək qovam getsin dərdinə! M ü ə l l i m l ə r d ə n b i r i. İzn versəniz mən də danışım! İ n s p e k t o r. Yavaş, hələ bir az acığım soyusun, yoxsa bu saat elə bilirəm ki, dünya başıma hərlənir (acığı soyuyandan sonra). Danış görək, amma tez qurtar, füzulluq eləmə! M ü ə l l i m. Siz bu məclisi açandan özünüz buyurdunuz ki, allaha şükür azadlıq verilibdir... İ n s p e k t o r. Xub, bu cürə sözlərin məktəb məsələsinə nə dəxli var? M ü ə l l i m. Bir az iltifat eləsəniz, görərsiniz ki, çox dəxli var. İ n s p e k t o r. Təvəqqe eləyirəm ki, mənimlə o cürə zarafatları eləməyəsən! Danışırsan məktəbdən danış, danışmırsan otur yerə. Daha “köhnə yorğan içi sökmə”. M ü ə l l i m l ə r d ə n b i r n e ç ə s i. Qospadin inspektor, bu olmadı ki!.., S a i r m ü ə l l i m l ə r. Yox, qospadin inspektor, bu cürə syezd olmaz ki, sən başlamısan. Buna polisxana deyərlər. İ n s p e k t o r (acıqlı). Aha! Bunt eləmək istəyirsiniz? M ü ə l l i m l ə r. İnsafın olsun, ay inspektor, məyər buna bunt deyərlər? İ n s p e k t o r. Məktəbdən səvayı hər nə danışsanız hamısı bunt və iğtişaşa dəlalətdir! M ü ə l l i m l ə r h a m ı s ı b i r y e r d ə (çırtıq çalıb oxuyurlar). Gəlin gedək məktəbə, Ay bəri bax, bəri bax! İ n s p e k t o r (başı lovlu yügürür telefonun ağzına və tələsik general qubernatoru çağırıb deyir ki,). Vaşe prevosxoditelstvo! Tezcə ol bura 100 nəfər qazaq göndər. Uçitellər bunt eləyib, “Marselyez” oxuyurlar. Bir az keçsə bu evi dağıdacaqlar; tez ol ki, hökumət əldən getdi. * * * Ordan-burdan 113 Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz. Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır. İndi keçək İran dövlət dumasına və dünən Tehrandan gəlmiş bir rəfiqimin sözünə qulaq asıb, görək oranın işləri necədir. S ə d r i - m ə c l i s. Təbrizdən xəbər gəlibdir, camaat şurişi getdikcə artıb və hökumət əhli qaçıb gizlənibdir. ...A ğ a. Bu şurişin nə səbəb qalxmasını və nədən bir bu qədər artmasını və nə üçün hökumət əhlinin qaçmasımı... ...x a n. Hərgah biz istəyirik, hər tərəfdən gələn bu şuriş sədalarını kəsib... ...m ü l k. O kəslər ki bu hürriyyət və azadlıq yolunda camaata mümaniət edir və o kəslər ki... ...D ö v l ə. Mən bu saat istəyirəm ki, cənaban vəzirlərə burada bir sual verəm. Cənaban vəzirlər... ...S ə l t ə n ə. Bunlar hamısı keçəndən sonra mən heç qana bilmirəm ki, aya Təbriz əhli durub şurişi salmaqda... ...Ü l ə m a. Çün hər bir şeyin əsli və kökü və hər bir hadisənin əsas və bünövrəsi... ...M ə m a l i k. Mənim təsəvvürümə görə burada mətləbi iki qismə təqsim etmək lazımdır. Əvvəla, bir qism budur ki... S ə d r i - m ə c l i s. Vəziri-daxiliyyənin sözlərinə görə bu şurişin əsil vüquinə səbəb... ...Ü m ə r a. Bəs, indi görək bizim vəzifəmiz... ...T ü c c a r....onun hamısını ələ gətirmək üçün... ...G i r a m....Təbrizdən, Həmədana, Həmədandan Qəzvinə, Qəzvindən Gilana çəkilib... ...M ə r d ü m....dörd dəfə, beş dəfə təkrar söyləmək. ...Ü d ə b a....gətirdilər. Və gətirəndən sonra da ortaya nəql edib... S ə d r i - m ə c l i s....və onun cavabı bu oldu ki, mənim heç bir şeydən... ...A ğ a....dedim bəs, hara qaçırsan? Gördüm, başını buluyur ki... ...M ü l k....üstündən də su içmişəm. Hər kəs hər nə bacarır eləsin. Eləməsə... ...D ö v l ə....Allah ona rəhmət eləsin... ...Ü m ə r a....ingilislərin ağzı nədir ki, ondan sonra... ...S a h i b....dörd nəfər zənan xaylağı aparıbdırlar, bir sürü qoyun. Altı nəfər uşaq... S ə d r i - m ə c l i s....Hərgah razı dəyilsə... ...İ k r a m....getsin Rusiyaya baxsın görsün... ...M ə m a l i k....atası Şümür ilə baş-başa yatsın... Gu-o-o-o-o- bilmək olmaz. Gu-o-o-o-o- atası evdə yox idi. Guo-o-o- vəziri-xariciyə uzanmışdı. Gu-o-o-o- teleqraf gəldi, Gu-o-oo- rüşvətxor imiş, gu-o-o-o-... gu-o-o-o-... Q ə z e t ə m ü x b i r i y o l d a ş ı n a. Mən ölüm, heç bir şey qana bildin? Y o l d a ş ı. Atasının gorunu kaftar eşələsin yalan deyənin, əgər bir söz də başa düşdümsə! M ü x b i r. Bunlara deməlidir ki, ay yazıqlar, əvvəl siz bu məclisi nizam və qaydaya salın, ondan sonra İranı düzəldin. Elə deyilmi, sən mənim canım?! Y o l d a ş ı. Vuy, bunu kim danar ki, rəhmətliyin oğlu. Sabir əfəndiyə Məktubunuzu oxudum. Sözləriniz haqdır... Bizim borcumuzdur ki, bu adam öldürməyi müsəlman içində aradan götürmək üçün əlimizdən gələni müzayiqə eləməyək. Mən müzayiqə eləmirəm və müzayiqə eləmədiyim üçündür ki, “birisi”lərə deyirdim və deyirəm: Nə üçün xalqı qızışdırırsan? Tutalım ki, sənin keyfin gəlib və damağın da çox sazdır. Daha durub xalqın rahatlığını niyə pozmaq istəyirsən? Məgər sənin bütün müsəlman camaatı ilə qəsdin-qərəzin var ki, onları iki yerə bölüb birinə “köhnə” və birinə “tazə” deyirsən və özün də “köhnələrə” tərəfdar çıxıb, “tazə”lərin üstünə qızışdırırsan? Yox, əgər “tazə” şey sənin xoşuna gəlmirsə bəs, nə üçün həmişə “tazə” dirilik”dən dəm vurursan? Öz keyfin istəyən köhnə, nimdaş, paslanmış və kiflənmiş bir şey tapa bilmədinmi? Bəs, cənab Sabir əfəndi, mənim “birisi”lərə dediyim söz budur. Özü də zarafat və duzsuz məzəlilik deyil, bəlkə siz arzu elədiyiniz niyyətə bir yol göstərməkdir. Eşidirəm, Sizə deyirlər ki, “Filankəs” elə deməsin, mən də belə deməyim. Burada bir şey yadıma düşdü. Mən Haşım bəy Vəzirovun məktəbində oxuyan zaman bizim bir dələduz yoldaşımız var idi ki, heç kəsə dinclik verməyib, sənəti hər kəsi bizləmək idi. Bunun üstündə uşaqlar bəzi vaxt ona söyərdilər. O da başlayıb, uşaqlara ikiqat söyərdi. Haşım bəy ona tənbeh edib deyərdi ki, adə nə üçün söyüş söyürsən? O da cavab verərdi ki, onlar söyməsinlər, sonra mən də söyməyim. İndi sizə “idarədən” verilən cavab haman dələduz uşağın cavabındandır. * * * Ordan-burdan 114 Sədini tənqid Adam oturub, Sədinin Gülüstanını, ya Bustanını, ya bütün külliyyatını oxuduqca özü-öz başına fikir eləyir və görür ki, hərçənd, bu kişini bir belə tərifləyirlər. Amma, sözün doğrusu, mən and içirəm ki, Sədinin bu dünyadan bir belə də xəbəri yox imiş. Yalan ki, demirəm, özünüz elə bir baxın, görün, məsələn, bu kişi nə yazır? Bustanın bir yerində deyir ki: Əgər ba pedər çəng cuyəd kəsi, Pedər ra yəqin xəşm girəd bəsi. Yəni hər kəs atasilə dava eləmək istəsə, yəqin ki, atasının bərk acığı tutar. Halbuki bizdə qayda belədir ki, hər kəs atasilə dava eləmək istəsə, əvvəla, o saat onu vurub öldürər və acığı tutmağa, dəm macal verməz, ya da ki, atası istəsə bir adamı tutub tapşırar ki, vurub oğlunu öldürsün. Yenə Sədi Gülüstanın bir yerində deyir ki: Ey ki, pəncah rəft dərxabi Məgər in pənc ruz dəryabi. Yəni ey o adam ki, əlli yaşına yetib, hələ yuxudasan, məgər bu beş günü bir də taparsan? Ay Sədi! Bizim müsəlmanlar, budur, neçə yüz ildir ki, xabi-qəflətdə yatıb, cəmi aləm veclərinə deyil, amma sən durub əllicə yaşında bir kişini məzəmmət eləyirsən. Heç bu rəvadır? Yenə Sədi bir yerdə belə deyir: Ey tohidəst rəfte dər bazar, Tərsəmət por nəyavəri dəstar! Yəni ey o adam ki, əli boş bazara gedirsən, qorxuram ki, dəsmalını dolu gətirməyəsən! Nahaq yerə qorxursan, cənab Sədi. Bizim kəndin pristavları, strajnikləri heç vaxt olmaz ki, bazara əli dolu getsinlər, amma bainhəmə qayıdan zaman hamısının dəsmalı da hələ deyəsən, xurcunu da dolu olur, hələ, desən, yanlarında bir cüt quzu da gətirirlər. Yenə Sədi bir yerdə deyir ki: Əbrü badü məhü xurşidü, fələk dərkərənd. Ta, tonani bekəf ariyo bəğəflət nəxori. Yəni bulud, yel, ay, gün və fələk iş görürlər ki, sən bir parça çörək qazanıb, amma xəlvətcə yeməyəsən. Sözün doğrusu, Sədi burada özünü lap xarab eləyibdir. Budur götürək, məsələn, Gəncə quberniyasını: yel əsib, buludları yığıb, dolu yağıb taxılı, bilmərrə kor eləyibdir. Ay doğmayıb, gecə qaranlıq olub, oğruların bazarı açılıbdır, istilər düşüb, gün qızışıb, taxıl ələfi yandırmaqdadır, fələk də ki, özünüz bilirsiniz, erməni-müsəlman davası salıb, Gəncə quberniyasına bir oyun tutdu ki, lap get Zəngəzura tamaşa elə. İndi yazıq kişi çörəyi hardan alsın ki, hələ onu da xəlvət yeməsin, halbuki acığa çıxartsa qonşusu tutub əlindən qarpacaqdır. Yenə Sədi bir yerdə bu cürə deyir: Beçe kar ayədət zekol təbəqi, Əz Golistane-mən bebər vərəqi! Bunu Sədi Bakının gül satanlarına deyir ki, yəni nə eləyirsən bir tabaq gül aparırsan, gəl mənim “Gülüstan” kitabımdan bir vərəq cır apar. Bəli, qaradavoy da yolda tutub desin ki, bəs praklamasiya paylayırsan! * * * Bəli, yenə Sədi bir yerdə deyir ki: Məkon təkyə bər molke-dünya vu poşt, Ke, bisyar kəs çün to pərvərd koşt. Yəni nahaq yerə dalını dünya malına söykəmə, çünki çox adamları sənin kimi bəslədi və öldürdü. Mən buna razı deyiləm. Deginən nə üçün? Əşi, ondan ötrü ki, əvvəla, ölüm ilə bir şeydir ki, kasıba və dövlətliyə baxmaz, onun bura dəxli yoxdur. O ki qaldı dünya malına dal söykəməyə, – xub, Sədi bir mənə desin görüm, dünya malına dal söykəməsən gedib naçalnikə əl verə bilərsən? Ya keyfinə görə iş görə bilərsən? Ya camaat işində “böyük” ola bilərsən? Ya yanında bir sürü qoçu saxlaya bilərsən? Ya bazara çıxıb adamların atasının goruna söyə bilərsən? Vallah, bilməzsən! Əlqissə, yenə Sədi kitabının bir yerində deyir ki: Anki, ba pulad bazu pənce kərd, Saede-simini-xodra rənce kərd, Yəni hər kəs polad qollu bir adamnan güləşib, qurşaq tutsa, öz gümüş biləyini sındırar. Sədi bu şeri lap nahaq yerə yazıbdır. Çünki bu saat nə polad qollu adam taparsan, nə də gümüş biləkli oğlan. Bu dünyada o cürə pəhləvanlığı tək bir “sirklərdə” eləyərlər ki, camaat baxıb, bir az keyfi açılsın. O ki, qaldı küçədə, bazarda dalaşmaq istəsən, qabağında polad qollu pəhləvan olmasın, lap Musa peyğəmbərlə dalaşan “Ucubunuq” olsun, piştonu çıxardıb elə bir patron qaxarsan ki, beyni burnundan gələr. Özün də arxayın ol, öldürdüyün adam müsəlman olsa, kim sənə bir söz deyə bilər? Yenə Sədi bir yerdə istəyir filosofluq eləsin. Amma düz gəlmir. Məsələn, deyir ki: Dəh dərviş dər kelimi bexosbənd Do padşah dər eqlimi nəkon cənd Yəni 10 nəfər kasıb adam bir palaza bürünüb yatarlar, amma iki nəfər padşah bir məmləkətə sığmazlar. Canın üçün, bu belə deyildir ki, belə də olsun. Əvvəla 10 nəfər adamı bir palaz bürüməz, bürüsə də gərək palaz çox yekə olsun. Yekə olsa da onu o saat oğurlayıb yaxşı qiymətə satarlar. İkinciyə qalan yerdə, necə ola bilər ki, bir məmləkətə iki padşah sığışmasın. Halbuki tək bircə Osmanlı məmləkətində dörd-beş dənə padşah var. Hələ, desən, bir ikisi də ora özünü soxmaq istəyir. Yox, sözün açığı, Sədi bir o qədər də sən deyən “əql” sahibi deyilmiş, nahaq yerə bir belə onu tərifləyirlər. Amma Hafiz – Hə, bax, buna heç bir sözüm yoxdur. Bu kişi Sədiyə görə yenə çox babətdir. Məsələn, deyir ki: Berov bə kare-xod ey vaiz, in çe fəryadəst, Məra ftade del ədkəf, tora çe aftadəst. Yəni deyir ki, əşi, çıx get işinin dalınca, ay vaiz, xalq nə haydadır, sən nə haydasan. Doğru da deyir kişi, canım da! Axı nə vəz və nə nəsihətbazlıqdır. Mən bilmirəm ki, biri qalxır, ay ittihad edin. O biri çığırır ki, ittifaq qayırın, ay millət geridə qalıb, cəhalət bizi basdı. Xabi-qəflət evimizi yıxdı, filan filan oldu, bəhman oldu. Əşi, dadaş, bəsdir də! Qoymazsınız ki, xalq öz iş gücünə məşğul olsun? Siz özünüz bekarsınız deyibən, xalqı da işdən avara eləmək istəyirsiniz. Ayıb deyil?.. Amma lap can yatan sözləri Hafiz, bax, bu şerində deyib: Şərabi, eyşi-nehan çist, kare-bibonyad Zədim, bər səfe-rendan hər ançe bada bad. Yəni deyir ki, bax şərab, eyş, filan, bunlar – hamısı mayasız bir işdir, vurduq özümüzü lotular cərgəsinə, hərçi bada bad! Deyirəm gör necə, Hafiz bizim işlərimizə bələd imiş,vallah. Doğrudan da ki, bizim bu dünyanın işi lotuluqdur və lotuluqdur və bir də üstündən lotuluqdur. Hər kəs ki, bu dünyada lotudur, onun keyfi kökdür, çünki lotuya nə var, arı yeyib, namusu bağlayacaq belinə. Ondan sonra hər nə qayırsa, hamısını lotuluğuna salıb çıxıb gedəcəkdir işinə. Bax, bu dünyada hər nə çətin iş olsa, hamısını lotuluq ilə düzəltmək olar. Deyək məsələn, indi bu gün sən özünə millətpərəst deməsən çörək pulun çıxmayacaqdır. Nə zərəri var, lotuluğa sal, deyinən ki, millətpərəstəm! Sonra indi iş elə düşər ki, gərək labüd sosialist olasan. Nə zərəri var, lotuluğa sal, deyinən ki, sosialistəm, sonra lazım olar ki, deyəsən panislamistəm. Nə zərəri var, lotuluğa sal, deyinən ki, panislamistəm. Sonra məsələn, işdir, adamdır, birdən elə bir yerə düşərsən ki, gərək “əsil ruslara” quyruq buluyub, tərəfdar çıxasan nə zərəri var, lotuluğa sal, deyinən ki, Sizə canım qurban. Hərgah bir adam sənə irad tutub, deyə ki, niyə belə sifətdən-sifətə düşürsən, onda da yenə lotuluğa salıb deyinən ki, mən ölüm üstünü varma! * * * İanə təqsimi Dumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır. İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir? Statistikasız da cümləyə məlumdur ki, Qafqazda müsəlman zərərdidələrinin ədədi erməni zərərdidələrinkindən artıq olduğu kimi, müsəlmanlara dəyən zərərin miqdarı da erməni zərər və xəsarətindən də çoxdur. Buna binaən, xəzinədən buraxılmış olan haman bir milyon 200 min manatı Qafqaz müsəlman və erməni zərərdidələri arasında yarı bölmək insaf və ədalətdən kənar olan kimi, (yurudika) hüquq cəhətincə də düz ola bilməz. Söz yoxdur ki, bu pulu zərərdidələr arasında elə təqsim etmək lazımdır ki, hər bir zərərdidə və xəsarətzədə bir-birilərinə nisbətən kifayət qədərincə pul almış olsunlar və illa bir tərəfdən 10 nəfər zərərdidə ilə digər tərəfdən 5 nəfər zərərdidələr və yaxud min manatlıq zərərə uğramış ilə 100 manat qədərində zərər çəkənə bir gözlə baxmaq olmaz. Zərərdidələrin əvəzinə və zərərlərin miqdarına görə də pul təqsim etmək lazımdır. Lakin iş buradadır ki, ermənilərin hər bir cürə cəmiyyət və orqanizasiyaları olduğuna görə bunlar öz erməni zərərdidələrinin qeydinə qalıb, əlbəttə, hər bir qəpiyədək zərərləri müsbət surətdə ortaya çıxardıb, əvəz pulunu da tələb edəcəklər. Amma bədbəxt müsəlman zərərdidələri heç bir cəmiyyət və ya ittifaq filan sarıdan özlərinə bu barədə heç bir imdad gözləyə bilməzlər. Çünki bizlərdə elə orqanizasiya yoxdur və olmağına da hökumət xeyr, müsəlmanlar özləri razı olmurlar. Çünki bu cürə cəmiyyətlər, ittifaqlar mənfəəti-şəxsiyyəyə zərərdir. Binaənəleyh zərərdidələrin ədədini və zərərlərin miqdarını təyin edib, bilmək işini vagüzar edəcəklər polis adamlarının boynuna. İş belə olan surətdə, vay əlsiz-ayaqsız, kimsəsiz müsəlman zərərdidələrinin halına. Hamıya məlumdur ki, biz müsəlmanların məişət və diriliyi – məhz bir cəmiyyət və orqanizasiyamız olmadığına görə – qayda və nizam üzrə getmir. Xaricilərə və özgələrə nisbətən biz öz-özlüyümüzdə yazıq, biçarə, pərişan bir tayfayıq. Amma öz aramızda biz, biz müsəlmanlar, iki tərəf adamlardan ibarətik ki, bunun bir tərəfi güclü və digər tərəfi isə gücsüz və zəifdir. Bizim ömür və məişətimiz dəxi bundan ibarətdir ki, güclü gücsüzə zor edib, onun hər bir hüquq və mənafeyinə əl uzadıb və zorlu olduğuna görə də zəifin hüquq və mənafeyinə malik olub, kefi kök dolandığı halda, hüquq və mənafeyi əlindən getmiş zəif də sudan məhrum olub, quruya atılmış balıq kimi, can verib tələf olur. Sair tayfaların həyat və məişəti bu ümdə şərt ilə mürur edir ki, hər bir şəxsin hüquq və mənafeyi müqəddəsdir və bu şərti pozanları lazımlı bir cəzaya çatdırmaq üçün müntəzəm cəmiyyətlər və orqanizasiyalar mövcuddur. Amma bizdə o müqəddəs şərt olmayan kimi, o şərti yerinə yetirməyə bizi məcbur edən bir qüvvətimiz də yoxdur. İştə, bu nöqteyi-nəzərdən bizim hər bir işlərimizə baxılsa məlum olar ki, bizim zərərdidə və xəsarətzədələrimiz arasında da güclü və gücsüzlər olduğuna görə pul təqsimi polisiyaya vagizar olunduğu halda, min cürə sui-istemala vaqe olub, kimsəsiz və dilsiz, ağızsız zərərdidələrimizin ümidi puça çıxacaqdır. Onlar öz zərərlərinin yüzdən bir əvəzini də ala bilməyəcəklər – desəm heç kəs məni məzəmmət eləməsin, sonra peşman olar. İndi mən dediyim, iştə budur: Qafqaz zərərdidələrinin xəsarət və zərərlərini ödəyəcək qədər pul buraxılıbdır. Burası çox gözəl, çox yaxşı. Lakin bu pulu zərərdidələr arasında paylamaq işi bizi bir qədər əndişələrə salır. Əlbəttə, əgər müsəlmanların öz zərərdidələrinin ədədini və zərərlərinin miqdarını müsbət surətdə meydana qoya biləcəklərinə və kifayət qədərincə də pul alıb, onu öz zərərdidələri arasında insaf və ədalətlə təqsim edəcəklərinə bir ümid işığı olsaydı, bizim də heç bir əndişəmiz olmazdı. Amma... Lakin nə “amma” – bunların hamısı bizim öz şüurumuzdan, öz hərəkətimizdən asılı deyilmi? * * * Ordan-burdan 115 Kazan qəzetələri bu məzmunda şey yazırlar: “Bəzi mollalar və axundlar istəyirlər ki, baş vəzir Stolıpinə teleqram göndərib desinlər ki, mən ölüm bizdən incimə, çünki sənin canın üçün, bizim nə müsəlman ittifaqı ilə və nə də müsəlman fraksiyası ilə heç bir işimiz yoxdur. Ancaq Allah şeytana lənət eləsin ki, bizi sənin yanında üzü qara etmək istəyirmişlər”. Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy, əvvəl bunu yazım: “Bürhani-tərəqqi” qəzetəsində bir belə şey oxudum: “Həştərxanın yanında olan Fonton kəndində bir nəfər molla camaatı başına yığıb, həmişə deyirdi ki, ay camaat, məndən sizə əmanət, həmişə bacarın, sədəqə verin, sədəqə verin, bir də sədəqə verin. Bir dəfə camaat yığılıb, sədəqə üçün hər evdən bir manat yığdılar və həman mollanın yanına da gedib, dedilər ki, di buyur, özün de bir manat sədəqə pulu çıxart. Ravi belə rəvayət eləyir ki, mollanın bu sözlərə bərk acığı tutub dedi ki, rəhmətlik uşağı, siz nə axmaq tayfasınız, mən özüm elə hazır burda sədəqə yığıram, siz gəlib, məndən də sədəqə pulu istəyirsiniz, utanmırsınız? Heç ayıb deyil? Bu saat yığdığınız pulu bura verin, yoxsa bilirsiniz sizin başınıza nə oyun açaram?! Ravi deyir camaat məəttəl qaldı”. Burada istəyirəm ki, bir-iki söz deyəm, amma yox, qoy əvvəl bir bunu da yazım. “Ülfət” qəzetəsinin 70-ci nömrəsində bir belə şey oxudum. “Bir dəfə atamız azarladı. Gedib molla Abdullanı çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Bir də çağırdıq gəlmədi. Axırda atamız onu gözləməyib, durdu çıxdı getdi axirətə. Gedib Molla Abdullanı bir də çağırdıq, bu dəfə gəldi və gələn kimi dedi atanız mənə nə vəsiyyət elədi? Dedik, bir at və bir inək. Başınıza dönüm, bu molla bir fısqırıq çıxartdı ki, gəl tamaşa elə. Əşi, dedi mən uşağam ki, mənə bir at, bircə də inək bağışlayırsınız? Bu saat mənə iki at, iki inək və bir az da pul verməsəniz atanızı dəfn eləməyəcəyəm. Şəriətcə üç gün meyiti saxlamağa mollanın ixtiyarı var. İndi öz keyfinizə baxın! Başladıq yalvarmağa ki, ay molla, axı belə eləmə, kişinin meyidi yerdə qalıb, əvvəl bir onu dəfn elə, sonra istərsən gəl, bizi lap soy! Dedi: Siz öləsiniz olmaz. Dediyim şeyləri yanıma yığmasanız, atanızın meyidi ortalıqda qalacaqdır. Özünüz bilin... Axırdan-axıra qonum-qonşu gəlib yalvarır, mollanı bir təhər könülə gətirdib və maldan, puldan arxayın eləyib, rəhmətlik kişini dəfn elədik. Burada istəyirəm ki, bir neçə söz deyəm...”. (Rəhmətliyin oğlu, nə var ki, nə deyəsən?). * * * Ordan-burdan 116 Stolıpin xəyalı “Allahın altında bu dumanı qovaydım, ondan sonra daha heç duma qurmayaydım. Görəydim camaat nə qayıracaq. Əgər bilməsələr, onda keyf mənim olar. Duma da Osmanlı “Məclisiməbusan”ına dönüb qalar ay batandan sonraya. Yox camaat yenə oyanbuyan eləsə, yenə taza duma quraram. Ancaq bu səfər elə kələklər gələrəm ki, dumanın üzvləri hamısı olar keşiş, molla, ravin, mahrasa və bu cürə adamlar. Sonra günlərin bir günü onlara deyərəm ki, bax, lotular, bilirsiz nə var? Siz hamınız ruhanilərdənsiniz, ruhanilərin də borcudur ki, həmişə sağ olub, hökumətə “əl mənim, ətək sənin” desinlər. Ona görə, hər kəs sizdən sol olsa, vurub çıxardacağam bayıra. Əlbəttə, ruhani üzvləri heç biri özünü kələyə salıb, sol olmayacaqdır. Bir də baxıb görəcəyəm ki, dumanın hamısı olub sağ. Elə olan surətdə, daha nə var? Mən deyəcəyəm belə olsun. Duma da deyəcək belə olsun. Daha durub indiki kimi fısqırıq qoparmayacaqlar ki, dediyim sözlərə də pəşiman olum”. * * * Ordan-burdan 117 Bizə dair Müsəlmanların mehmannəvaz adamları da çoxdur. Yəni müsəlmanlar içində, çox qonaqsevən və qəribi dost tutan adamlar var. Əgər bir kişi gəlib bunların birisinin evində qonaq ola, səhər yerdən duranda görər ki, cibi sağ və səlamətdir və bir qəpiyi də oğurlanmayıbdır. Və yainki bir qərib gəlib birisinin qonşusu ola – heç vaxt onun evini daşa basmazlar və heç vaxt onun evini yarmazlar. Müsəlmanlar içində xain, taməkar adam yoxdur. Yəni müsəlmanlar bir-birinə o qədər mehribandırlar ki, heç vaxt bir-birinin xainliyini çəkməzlər və istərlər ki, özlərinə nəf olan kimi özgələrə də olsun. Məsələn, əgər bir müsəlman dükançısı görə ki, bir ayrısı da gəlib onun yanında dükan açıbdır – heç vaxt ona kağız yazdırıb deməz ki, əgər burdan təşrif aparmasan dükanını dağıtdıracağam və özünü də öldürəcəyəm. Qərəz, camaatımız içində “gözəl” sifətli adam çoxdur. Ancaq mən burada hamısını demək istəmirəm. Çünki öz-özümüzü tərifləmək bir az yaxşı deyil. İrana dair Bizə belə xəbər gəlibdir ki, bu saat İranın cəmi adamları üç böyük partiya olubdurlar. Bu partiyalardan biri deyir ki, gərək İran “məşruə” olsun. O biri partiya deyir ki, xeyr, İran “məşrutə” olsun. Üçüncü partiya deyir ki, yox, gərək İran “məşrubə” olsun. Hökumət də qalıb əli qoynunda. Bilmir ki, bunların hansına qulaq versin. Ancaq Avropa padşahlıqları ona məsləhət görürlər ki, görsün bu üçüncü partiya ilə əlbir ola bilərmi? Firəngistana dair Bu saat Firəngistanın aşağı tərəfində bir “vur çatlasın”dır ki, gəl tamaşa elə. Buna da səbəb odur ki, Firəngistanın haman yerlərində xalqın dolanacağı çaxır qayırıb satmaqladır. Amma di gəl ki, bu il orada çaxır boldur, amma alan yoxdur. Ona görə xalq da güzərandan düşüb hökuməti qısnayıblar ki, ya bu saat bizə çörək ver, ya da çaxırımızı sat. İndi Firəngistan hökumətinin cəmi ümidi ondadır ki, bəlkə İran “məşrutədən” dönüb “məşrubə” ola və Firəngistanda satılmayan çaxır boçkalarını oradan yumalıyalar düz İrana. * * * Məclisi-məbusanimizdə nə olur “Parlamentarizm” üsulunu Rusiyada işlətmək, görünür ki, çox çətin imiş. Birinci dumanın tez bir zamanda dağılması və bu ikincinin də bu yaxınlarda, şübhəsiz dağılacağı və dumanın varlığında, yoxluğunda Rusiyada şiddətlə davam edən ayrı-ayrı və külliyyətli iğtişaşlar və şurişlər və rus hürriyyətpərvərlərinin minlərcə partiyalara bölünməsi və nəhayət “rus milləti ittifaqı” adamlarının bu axırlarda kəsbi-qüvvət edib, Rusiya azadlıq hərəkatına böyük bir sədd təşkil etməsi belə bir fikir təlqin edir ki, Rusiyada dövləti, sair dövlətlər kimi, parlamentarizm üsuluna, guya, qabil deyilmiş. Bütün hadisələrin hamısı bu silsiləyi-biintiha kimi görünür. Heç ağlına gəlmir ki, bu qatillərin, qarətlərin, hücumların, vuruşma və toqquşmaların bir axırı olsun və Rusiyanın məşrutiyyəti-tamə əsası üzrə kəmali-sükunət və fəraqətlə mədəni bir ömr sürəcək zəmani elə bəid və uzaq görünür ki, onun hüsul və vüsuli haman xəyali-xamə bənzəyir... Rusiyadan artıq istibdad və üsuli-keyfi-mayəşayə uğramış olan İranda parlamentarizm üsuli nə qədər qeyri-mükəmməldirsə də, yenə də əlan isbati-vücud etməklə bərabər, böyük bir ümid dəxi təlqin edir ki, bu gün sabah İran mükəmməl və müntəzəm bir hökuməti-məşrutə olub da Asiyada Yaponiyanı tək qoymayacaqdır. Barı heç olmasa İranda hökumətin də, məclisin də əməl və rəftarından sızılan və hiss edilən budur ki, bunların məqsədləri doğrudan da məmləkəti əhya etmək və diriltməyə tuşdur. Rusiyada isə belə deyil. Burada sezilən və hiss edilən bəlkə budur ki, Rusiya hökuməti dumanı çağırdıqda onunla mübahisə və mücadiləyə qalxıb, məmləkəti idarə etməyə qadir olmadığını isbata çalışmağı məram ittixaz edən kimi, duma da “əksəriyyətlə” hökumət ilə mübarizə və müharibəyə girişib, bütün ixtiyaratı onun əlindən almaq fikri ilə yığılıbmış. Bu arada dəxi dumanın qanunsuzluq və hökumətin də icraat vəzifələri yaddan çıxıb unudulmuş kimi görünür... Duma yığıldıqdan bir qədər sonra onun tezlikdə qovulacağı barəsində, təbiidir ki, müxtəlif xəbərlər əşar olunurdu. Lakin bir qədərdən sonra hökumət dumaya dair zahirdə xeyirxahanə bir münasibət göstərib də bu xəbərlərə bir etibar qoymadı. Bəd dumanın 17 mayda taza saldat yığmaq xüsusunda olan gizli məclisində “Zurabov hadisəsi” adlı duma üçün qorxulu bir hadisə vaqe olub, qovulmaq xəbərini müəkkəd surətdə meydana çıxartdı. Lakin burada dəxi duma sədri Qolovinin bu hadisə münasibətilə ittixaz etdiyi politika hökumətə xoş gəlib, dumanın “təqsiri əfv olundu” Qolovinin padşah həzrətləri tərəfindən hüsniqəbulu hər kəsi bu barədə arxayın etdi. Amma yenə də bu günlərdə qara xəbərlər çıxmışdı ki, duma bu günlərdə qovulacaqdır. Buna da səbəb “aqrarnıy” yer və torpaq məsələsi ilə əfvi-ümumi (aminisiya) məsələsini görürdülər. Lakin Rusiya işlərinə ruslardan artıq bələdiyyət kəsb etmiş əcnəbilərin qəzetələri xəbərlərindən məlum oldu ki, Stolıpinin fikri dumanı saxlamaqdır. Amma bu günlərdə alınmış teleqraflara baxılarsa, daha şəksizdir ki, duma ilə hökumət arasında böyük bir ixtilaf vaqe olub da nəticəsində duma qovulacaqdır. İş buradadır ki, hökumət indiyə qədər razı ola bilməyibdir ki, məclisi-məbusan üzvləri, yəni bütün məmləkətin qanunsazları sair biz kimi “günahkar”lardan seçilmək üçün barı, heç olmazsa, polis təərrüz və təcavüzündən məsun və amanda olmalıdırlar. Odur ki, hökumət pasxa bayramında evlərinə qayıtmış olan duma üzvlərindən bir neçəsini həbs etdirməkdə heç bir şeydən çəkinmədiyi kimi, dumanın sosialdemokrat fraksiyası əzalarından Ozulun mənzilini də Peterburqda bir çox laübalilik ilə axtartdırır, özü söylədiyi üzrə bir çox qeyri-məzur kağızlar və indiki idareyi-məmləkət üçün təhlükəli olan bir çox planlar və müsəlləh bir üsyan və qiyam qaldırmaq üçün bir xeyli yazılar, filanlar tapıbdır. İndi o zamandan bəridir ki, hökumət dumanın sosialdemokrat fraksiyasına əyri göz ilə baxıb, onların əzalarını məxfi surətdə təhti-nəzarətdən buraxmayıb, təqib edirdi. Bugünkü teleqramlardan kamali-təəccüblə anlaşıldığına görə, hökumət dumadan tələb edir ki, bilatəxir dumanın bütün sosial-demokrat fraksiyası kənar olunub məclislərdə hazır olmağa ixtiyarları olmasın. Və bundan savayı onların 14 nəfəri də straja təhti-nəzarətinə alınsın. Dumanın sosial-demokrat fraksiyasında 50-dən artıq üzvlər vardır. Bir bu qədər üzvlərin duma məclislərindən kənar edilməsi tələbi dumaya nə gunə sui təsir edəcəyini indidən anlamaq olar. Biz, bu zənnidəyik ki, əgər hökumət bu tələbində israr edəcəksə, duma ilə hökumət arasında böyük bir ixtilaf vaqe olub, nəticəsində də duma dağılacaqdır və dumanı guya, mühafizət etməyə qeyrət edən kimi görünən Stolıpinin politikası aşkar meydana qoyulacaqdır. * * * Ordan-burdan 118 Rəfiqimdən məktub Əzizim Filankəs, bu günlərdə mənim başıma məzəli bir iş gəldi ki, xəlvətcə sənə nəql edəcəyəm. Sən özün bilirsən ki, mən həmişə və hər yerdə və hər bir vəxt səhərdən axşama kimi və axşamdan səhərə kimi “millət-millət” deməkdən az qalmışdı ki, dilimdə bir “millət” bitsin. Nə başını ağrıdım daha (üzüm ayağıvun altında) arvad-uşağı da təngə gətirmişdim və nökər-nayıbı da bezar eləmişdim və bazar adamı da məni yaxşı tanıyır, çünki daha bizim ölkədə bir adam tapmazsan ki, mən ona deməmiş olam ki ay millət batdı, millətin dərdi məni öldürdü, millətin yolunda can qurban etmək lazımdır. Qərəz, iş o məqamə gəlmişdi ki, ayıb olmasın – arvad mənə ağıl duvası yazdırmalı olmuşdu. Günlərin bir günü yatmışdım, yuxumda gördüm ki, fərzən, böyük bir meydana gəlib çıxmışam, bir də gördüm, bu meydanda o qədər adam var ki, daha heç başa gələn deyil, hürkütməsən saymaq olmaz. Birisindən soruşdum ki, qadam, bura haradır? Dedi: Əmi, bura “millət meydanı”dır və hər millətin qəhrəmanları bura yığılıbdır ki, düşmən ilə davam edib, millət yolunda can qurban etsinlər. Mən bu sözü eşidən kimi sap-sarı saraldım və birdən fikrimə gəldi ki, dur qaç, amma gördüm ki, ayaqlarım tutulub və heç yerimdən tərpənə bilmirəm. Öz-özümə dedim ki, adə bu nə kələk idi mən düşdüm. Sonra dedim qoy görək nə olacaq. Bir qədərdən sonra gördüm ki, özgə millətlərin qəhrəmanları bir-bir mənim yanımdan keçib və mənə də kəmali-həqarət ilə bir nəzər atıb, dava meydanına tərəf gedirdilər və orada nə olurdu, nə olmurdusa, onu görmürdüm. Ancaq eşidirdim ki, “bravo, bravo” səsindən qulaq tutulurdu və əl çalmaq sədası asimanə bülənd olurdu... Bir qədər keçdi, gördüm, bir səda gəldi ki, ay camaat, bəs müsəlmanlardan da millət yolunda can qurban edə bilən bir adam yoxdurmu? Mən o saat istədim bərkdən çığırıb deyəm ki, xeyr, yoxdur və ola da bilməz, amma allah lənət eləsin bizim Kərbəlayı Qurquşuma, o yandan əlini mənə tərəf uzadıb dedik ki, var, budur burda oturubdur. Mən əl elədim ki, adə bəsdir, evin yıxılsın, səsini kəs – olmadı, bir də gördüm ki, məni sürüyüb meydana çəkirlər. Sənin canın üçün cənab Filankəs, qorxumdan elə çığırdım ki, bir də gördüm – ayıb olmasın – arvad uşağı oyatmışam. İndi düz o gündən bəridir ki, mən özümə söz vermişəm ki, bir də müftə yerə “millət belə gəldi, millət belə getdi, millət yolunda can qurban etmək lazımdır” kimi sözlər bir də min il qala ağzıma almıyam. Çünki qorxuram ki, birdən yuxum gerçək ola! Nə deyirsən? İdarədən: Nə deyəcəyəm, bir yaxşı işdir ki, eləmisən. Doğrudan, hərgah bizim bu cürə millət-millət deyib, danışanlar öz sözlərinə əməl eləsəydilər, onda müsəlman milləti bir verst irəli getmişdi. Amma heyf ki, bizim sözümüz ilə əməlimizin arasında asimanü zəmin təfavüt var. Odur ki, millətimiz də tərpəndikcə geri sürüşür. * * * Ordan-burdan 119 “Molla Nəsrəddin” Dövlət dumasını bağladılar... “Molla Nəsrəddin” jurnalını da bağladılar... Dövlət dumasını bağlayan hökumət oldu... “Molla Nəsrəddin”i də bağlayan hökumət oldu... Ancaq təfavüt burasındadır ki, Dövlət dumasını bağladılar, padşah əmri ilə, amma, “Molla Nəsrəddin” jurnalını – donos ilə... Bəli, alimi-məşhur olan qədim Molla Nəsrəddini dəxi müstəbid və müstəbidlər xadimləri haqq və haqqaniyyəti üstündə sevməyib, o qədər incitdilər ki, yazıq axırda özünü dəliliyə vurdu... “Molla Nəsrəddin”in bir o qədər “siyasi töhməti” yox idi ki, hökumət əhlinin xatirinə dəyə və onu da “müzürr məsləkinə görə” bağlaya idi. Xeyr! “Molla Nəsrəddin”in rus hökuməti ilə bir o qədər işi yox idi. Bəlkə onun işi “bizim öz hökumətimiz ilə idi”. Yəni “Molla Nəsrəddin” haqq söz danışırdı. Və haqq və həqiqət acı olduğuna görə biz həmişə “şirni” yeməyə öyrənmiş “hökumətimiz”in xoşuna gəlmədi və gəlməyən surətdə “hökumət” hökumətə donos verib, haqq və həqiqət ağzını yumdurdu... Lakin yumdura bildimi? Bu özgə məsələdir. Bunu, get cəmaatdan xəbər al, desin! * * * Ordan-burdan 120 Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır. Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar. Bu binəvalar gündüz axşama kimi qələm əllərində, qabaqlarında bir parça kağız gözlərini bir nöqtəyə zilləyib, başlarına gələn fikirləri əvvəlcə özləri öz senzorları əlinə verib, bir-bir keçirlər və bunların hamısını xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir ah çəkməkdən başqa heç bir çarə görmürlər! Yazıq mühərrirlər! Bu bədbəxt müsəlman mühərrirləri ki, bir deyil, iki, üç, dörd, beş senzorlar qabağında “passavat” eləməyə məcburdurlar! Binəva mühərrir, qələmi ələ götürüb deyir: Qoy siyasi bir məsələdən yazım – bir qədər yazır və sonra yazdığını oxuyub, öz-özünə məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən ha! Götürüb cırır, deyir nə eləmək, qoy, aləmi-islam dövlətlərindən yazım – yazır – bir də görür ki, xeyr, sultan, İran padşahını hamısın bir-biri ilə qatışdırıbdır ki, sən öləsən, köhnəpərəst müsəlmanlar oxusalar elə çığırarlar ki, onun səsini Peterburqda, İstambulda da və hələ desən Tehranda da eşidərlər... Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara. Deyir canım qoy, öz məişətimizdəncə yazım... Yazır: idareyiruhaniyyələrimizin pozğunluğu... Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır: “Arvad məsələsi” və haman saat üstündən bir qələm çəkib yazır: “Qoçubazlıq” və tez onun da üstündən bir qələm çəkib yazır: “Murdar hərəkətlərimiz” və tez onun da üstündən bir qələm cızıb dayanır və görür ki, daha öldürsən də başına özgə fikir girmir. Mühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora bura gəzişib deyir: “Bir dəli şeytan deyir get sövdagər ol!”. * * * Ordan-burdan 121 Əşar Bəli, doğru deyirlər ki; Minmə, minmə, minə bilməzsən Tünddür fələyin atı! Döymə, döyə bilməzsən, bərkdir fələyin matı Dəymə, nə işin var? Görsən bu lütülatı ki, Onsuz da hər əli dinc durmayan salır bunların boynuna uzun bir çatı. * * * Yıxma, yıxa bilməzsən, bərkdir fələyin damı! Pozma, poza bilməzsən, bərkdir fələyin namı! Püf etmə, edə bilməzsən, keçməz fələyin şamı! Əl çək sən allah, da bəsdir qoy, işin görsün bu adamı. * * * Tökmə, tökə bilməzsən, çıxmaz fələyin qanı, Üzmə, üzə bilməzsən, bərkdir fələyin canı! Etmə, edə bilməz, heç zad fələyin qanı. Bəs deyirdin ki, cəmi aləm mənim əlimdədir, hanı? * * * Çəkmə, çəkə bilməzsən, bərkdir fələyin yayı, Keçmə, keçə bilməzsən, gendir fələyin çayı. Tutma, tuta bilməzsən, çoxdur onların sayı. Nahaq yerə bağlatma, vallah, bağlada bilməyəcəksən. Vardır yenə onun tayı. * * * Ordan-burdan 122 Məişətimizdən – Kərbəlayı Məmmədcəfər salaməleyküm! – Əleyküməssəlam. – Hara belə yügürürsən? – Heç, bu yanda tələsik bir işim var! – Ya Allah! – Ya allah... – Xoş gördük! – Xoş baxtın olsun (ürəyində: “Ağzımda dedim ki, tələsirəm”). – Səlamətsənmi? – Allaha şükür səlamətəm, ancaq, burda məni bərk gözləyirlər! – Necə dolanırsan? – Şəfaətin artıq olsun (ürəyində: “Əl çəkməyəcək də”). – Canın başın sağdırmı? – Çox sağ olasan (A sırtıq oğlu, axı kişilər orda məni gözləyirlər). – Lap səlamətsənmi? – Şükür olsun allaha! (Qəribə qanmaz kişidir). – Əhvalın necədir? – Ömrünüzə duaguyam, amma bir az vacib işim var, çox bərk tələsirəm... – Onun zərəri yoxdur, hamı elə olur. Keyfin necədir? – Keyfin yaxşı olsun! (A nanəcib oğlu nanəcib.) – Bəs, niyə heç görünmürsən? – Vallah həmişə tələsik işim olur, bax elə indi bu saat elə vacib tələsik işim var ki, bir saniyə geciksəm olmaz. – Həmişə bazarın olsun! – Allah səndən razı olsun! (Bir dəli şeytan deyir, vur beyni dağılsın!) – Papiros çəkmirsən? – Çox sağ ol (məlun!), hələ ki xudahafiz. – Gedirsən? Xudahafiz! * * * – Kərbəlayı Məmmədcəfər, harda qalmışdın? – Əşi, allah mərdumazara lənət eləsin. Məşədi Səfi məni qoyurdu ki, gələm. – Pəh, pəh! Xalq səni gözlədi, gözlədi, axırda gördülər ki, gəlmədin inciyib çıxıb getdilər. – Əşi, nə deyirsən? – Vallah, atamın goru haqqı! – Buy, sənin evin yıxılsın Məşədi Səfi! Əşi, bilmirəm sırtıqoğlu sırtıq, hardan mənə belə əziz çıxıb, qəribədir, vallah bizim işimiz! A t a l a r s ö z ü: Hər görüşə yarım saat vaxt sərf eləsən, onda gərək ömrümüzün yarısına qələm çəkək. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-felyetonlar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.