Harun və Leyla Üzeyir Hacıbəyov (1885–1948) Harun və Leyla Beş pərdəli opera İştirak edirlər Əmir – ərəb mərasından birisi, 50 yaşında Leyla – Əmirin qızı, 17 yaşında gözəl bir qızdır. Vəzir – Əmirin vəziridir ki, özü də alim və mürəbbidir, 60 yaşında Harun – Sər əsgər, 25 yaşında, gözəl bir cavandır Zeyd – Sər əsgər, 30 yaşında, çirkin bir şəxsdir Bəkir, Rəhman və digər ikisi – qoşun dəstəsi böyükləridir (zabit kimidir) Bir dəstə qız, Leylanın rəfiqələri və kənizlər Bir dəstə oğlan, qulamlar və sairə Qoşun əhli Dərviş – qoca bir dərvişdir * * * Birinci pərdə Əmirin bağçası: sağ tərəfdə Əmirin imarəti görünür, bağçaya yolu vardır. Sol tərəf ilə dal tərəf ağaclıqdır. İçlərindən xiyabanlar çəkilibdir, hər tərəfi gülzardır. Ortada bir hovuz vardır ki, su fəvvarə vurur. Qabaq tərəfdə bir ağacın dibində açıq yerdə fərş salınıb, vəzir əlində kitablar əyləşib, qabağında düzülmüş olan qızlara dərs verir və nəsihətlər edir. Əmirin qızı Leyla dəxi bunların içindədir; lakin bütün qızlar kamali-huş və guş ilə dərsə və pənd və nəsihətə qulaq asdıqları yerdə, Leyla bir növ pərişan-hal görünüb, fikri özgə yerlərdə olduğunu izah edir. Bilaxirə üzünü əli ilə tutub ağlayan kimi görünür. Vəzir Guş edin pəndi nəsihətim mənim, zar olmayın, Guş edin bu sözləri kim, aqibət xar olmayın. Dinimiz, ayinimiz göstərdiyi yolla gedin; Səy edin, Allah yanında həm günahkar olmayın. Leyla ağlayır. Yaxşı ilə həm yamanın fərqini seçmək gərək, Hər gözə görünən mətaə tez xiridar olmayın. Yarü yoldaş seçkisində ehtiyata var ehtiyac, Axtarın mərdi tapın, namərd ilə yar olmayın. Qızlar və Vəzir (Leylaya) Gəl söylə, Leyla, halını, Etdiyin qəm, qüssə, naləni. (Musiqi) Gəl söylə, Leyla, halını, Etdiyin qəm, qüssə, naləni; Gizlətmə bizdən sirrini, Söylə, söylə əhvalını. (2 dəfə) Dərd nədir, qəm nədir, Ahü nəva hərdəm nədir? (2 dəfə) Leyla Düşmüşəm bir dərdə kim, yoxdur əlac dərman ilən, Vəslə yetməkdir dəvası dərdimin canan ilən. Bir qədəm qoysun ki, görsün naleyi-əfğan ilən, İntizarın çəkmədəyəm didəyi-giryan ilən. (Musiqi) Bir nəzər salmaqla etdi qəlbimi bəndi-kəmənd, Çəkdi, qıldı qəlbimi öz qəlbinə zənciri-bənd. Bu səbəbdəndir olub avazeyi-eşqim bülənd, İntizarın çəkmədəyəm didəyi-giryan ilən. Qızlar və Vəzir Bəs söylə, bildir aşiqin Kimdir, kim ola layiqin. (Musiqi) Bəs söylə görək, aşiqin Kimdir, kim ola layiqin. Sən tək gözəllikdə, Leyla, Yox, ola bir kəs faiqin. (2 dəfə) Dərd nədir, qəm nədir, Ahü nəva hərdəm nədir? (2 dəfə) Leyla Aşiqim dava çölündə çün olur şiri-jəyan, Zərbi-dəstindən onun düşmən deyir ah, əlaman, Eylədi aşiq məni, saldı bəlayə ol cavan, İntizarın çəkmədəyəm didəyi-giryan ilən. (Musiqi) Od tutub yaram yanır, suz ciyərdəndir tənim, Neyləyim, çarə nədir, siz öyrədin, mən öyrənim. Söyləyim agah olun: Harunadır eşqim mənim! İntizarın çəkmədəyəm didəyi-giryan ilən. Qızlar və Vəzir Ax, Leyla! Harun olsa gər Aşiqin, layiqdirmi məyər? (Musiqi) Ax, Leyla! Harun olsa gər, Aşiqin layiqdirmi məyər? Sən Əmirin fərzəndisən, Bu, Əmirin şəninə dəyər. (2 dəfə) Dərd nədir, qəm nədir? Ahü nəva hərdəm nədir? (2 dəfə) Vəzir (təəccüb ilə). Leyla bu nə halətdir? Sən hara, Harun hara?! Sən Əmirin qızı, Harun sər əsgər... Doğrudur, Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır, lakin yenə də sənə layiq olacaq dərəcəyə çatmamışdır. Sən bu daşı ətəyindən tök və bu yoldan qayıt! Əmirimiz Harunu nə qədər sevirsə də, yenə gümanım yoxdur ki, bu əmrə razı ola; çünki Harundan başqa bir sər əsgər dəxi vardır – Zeyd! Əmirimizin Haruna bu qədər iltifatı Zeydi sərnigun və xar edər. Və bir də Leyla! Səni xəbərdar edirəm: Harun səni və sən Harunu sevirsinizsə də Zeyd dəxi, mənə məlumdur ki, sənin aşiqindir. Lakin hərçənd mən onu bu xam xəyaldan mən etdim, amma yenə də sən onun qəlbində nəqş bağlayıbsan, odur ki, Zeyd sənin Haruna məhəbbətindən xəbərdar olsa, bil ki, dəli-divanə olar və xuda-aləmdir ki, nə tövr şəniəməllərə iqdam edər!.. Sən gəl bu fikri başından və bu eşqi qəlbindən çıxart, vəssalam! (Musiqi) Leyla Getdi əldən taqətim, səbrü qərarım, ey vəzir! Zərrə qədri qalmayıbdır ixtiyarım, ey vəzir! Ruzü şəb ahü nəvadır, bil ki, karım, ey vəzir! Günbəgündən tirə olmuş ruzigarım, ey vəzir! (Ağlayır.) Vəzir Səbr et, Leyla, ağlama! Qızlar Ürəyimi dağlama! (2 dəfə) Vəzir Əl çək ahü zardan. Qızlar Yara ümid bağlama! (Musiqi) Vəzir Etmə özünə cəfa! Qızlar Çək bir beş gün səfa! (2 dəfə) Vəzir At qəlbindən eşq odun! Qızlar Etmə dünyaya vəfa! (2 dəfə) (Musiqi) Hamı bir yerdə (öz-özlərinə) Hər birimiz bu dərdə Gəl çalışaq bir yerdə, Axtarıban hər yerdə dərmanını. (2 dəfə) Vəzir (tək, kənara) Mən görürəm ki, Leyla sövdadadır, Bir bu qədər sözlərimiz bifaydadır. Hamı Axtarıban hər yerdə dərmanını, Qurtararıq Leylanın canını! (2 dəfə) Vəzir Səbr et, Leyla, ağlama! Qızlar Ürəyimi dağlama! (2 dəfə) Vəzir Əl çək ahü zardan. (2 dəfə) Qızlar Yara ümid bağlama! (Musiqi) Eşqdən mən etməyin pəndü nəsihətlə məni, Rəhm edin, incitməyin beylə əziyyətlə məni, Heç rəvadırmı ölüm dərdi-məhəbbətlə məni, Bir əsər etməzmi, aya, ahü zarım, ey vəzir! Vəzir Səbr et, Leyla, ağlama! Qızlar Ürəyimi dağlama! (2 dəfə) Vəzir Əl çək ahü zardan. Qızlar Yara ümid bağlama! (2 dəfə) (Musiqi) Vəzir Etmə özünə cəfa. Qızlar Çək bir beş gün səfa! (2 dəfə) Vəzir At qəlbindən eşq odun! Qızlar Etmə dünyaya vəfa! (2 dəfə) (Musiqi) Hamı bir yerdə (öz-özlərinə) Hər birimiz bu dərdə Gəl çalışaq bir yerdə, Axtarıban hər yerdə Dərmanını. (2 dəfə) Vəzir (tək, kənara) Mən görürəm kim, Leyla sövdadadır, Bir bu qədər sözlərimiz bifaydadır. Hamı Axtarıban hər yerdə dərmanını, Qurtararıq Leylanın canını. (2 dəfə) Vəzir Səbr et, Leyla, ağlama! Qızlar Ürəyimi dağlama! (2 dəfə) Vəzir Əl çək ahü zardan. Qızlar Yara ümid bağlama! (2 dəfə) Vəzir və onun dalınca qızlar yavaş-yavaş dağılıb gedirlər. Leyla tək qalır. Bir qədərdən sonra Harun görünür. Leyla intizarında olduğu aşiqini görcək sürür-qəlb ilə bərabər hicrandan şikayətini bu növ ilə izhar edir. Leyla Gəl, ey Harun, xilas eylə məni bu dərdü möhnətdən, Yanır canım, yetiş dadə, qurtar bu nari-firqətdən. Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım, Əzabi-firqəti rəf et, mənə söylə məhəbbətdən. (Musiqi) Harun Dözməyə eşq oduna yox məndə taqət, gəlmişəm. (Musiqi) Üz veribdir çün mənə bir başqa halət, gəlmişəm. (Musiqi) Düşmənin zori qabağında könül xof eyləməz, Eşqə qarşı qəlbdə yoxdur mətanət, gəlmişəm! (Musiqi) Leyla Səndən özgə heç kəsim yox könlümü şad eyləsin, Ya ki, viran qəlbimi bir ləhzə abad eyləsin. (Musiqi) Harun Varmı bir aşiq ki, ney tək böylə fəryad eyləsin, Çəkmişəm eşqin yolunda çox məlamət, gəlmişəm! (Musiqi) Ol zamandan kim, sənin mehrin edib valeh məni. (Musiqi) Heç kəsi görmür gözüm, Leyla, görür ancaq səni! (Musiqi) İstəməm sənsiz keçə bu ömrümün tək bir günü, Sən mənimsən, mən sənin, ta bir qiyamət, gəlməmiş! (Musiqi) Leyla Yardan, yoldaşdan əl çəkmişəm bilmərrə mən. (Musiqi) Görmədim heç içlərində dərdimə dərman edən. (Musiqi) Bir kəsim varsa mənim, Harun, yenə sənsən və sən, Tut əlim, öyrət məni, eylə dəlalət, gəlmişəm! (Musiqi) Harun Şükr edirəm, ey xuda, nemətin əslin görüb, Yar ilə həmdəm olub neməti-vəslin görüb; Leyla Şükr edirəm, ey xuda yara yetirdin məni, Mənzilü vəslə gedən rahə gətirdin məni. (Musiqi) Harun Lütf elə, ver ələ-ələ, gəl bəri, Leyla, gedək! Eşq havası ilə bir daği, baği seyr edək! Leyla Bağda tamaşa edər, dağa salıb vəlvələ, Bülbül ilə gül bizə, biz gül ilə bülbülə! (Musiqi) Harun və Leyla Bağda bülbül olmasa, Şaxda cəh-cəh vurmasa, Güldə, sünbüldə də bəs, Söylə, olurmu həvəs? (2 dəfə) (Musiqi) (Bağa tərəf gedə-gedə) Bağda bülbül olmasa, Şaxda cəh-cəh vurmasa, Güldə, sünbüldə də bəs, Söylə, olurmu həvəs? (2 dəfə) (Musiqi) İki aşiq bağın əğyar nəzərindən kənar bir guşəsinə çəkilirlər; bu halda Zeyd ki, o da Leylaya aşiqdir, xəyal və fikrə qərq olmuş bir surətdə zahir olub deyir: Zeyd Günüz-axşam fikrim, zikrim Leyladır. (2 dəfə) (Musiqi) Gecə sübhədək halım vaveyladır. (2 dəfə) (Musiqi) Belə məlum, eşq aləmi peydadır. (2 dəfə) (Musiqi) Mənim bu dərdimə bais sövdadır. (2 dəfə) (Musiqi) Nədür bəs çara, nədür bəs çara? Nə edim, nə edim yetişim yara? Gəl, Leyla, yar ol, Gəl, vəfadar ol! Gəl gör ah-zarımdan, Gəl xəbərdar ol! (2 dəfə) (Musiqi) (Təkrar) Günüz-axşam fikrim, zikrim Leyladır, (ilaxır... axıra kimi) Bu halda bağın guşəsindən Harun ilə Leylanın səsi gəlir. Harun və Leyla Bağda bülbül olmasa, Şaxda cəh-cəh vurmasa, Güldə, sünbüldə də bəs, Söylə, olurmu həvəs? (2 dəfə) Zeyd bu səsləri eşitcək son dərəcə təğyiri-hal olub, paxıllıq və həsədlə bərabər qeyz və qəzəb izhar edir və deyir: Zeyd Leyla, Leyla! (akkord) (qəzəblə) Ah, Leyla, Leyla! Harun ilə bir yerdə!.. (Musiqi) Harun! Leyla! Ah, Leyla, Leyla! Harun ilə bir yerdə! (Musiqi) Harun! Leyla! (Musiqi) Bu əsnada Harun tək gəlir. Zeyd bir növ acığını sıxıb, Haruna müraciətən deyir: Zeyd Harun, bu nə haldır? Söylə, nə əhvaldır? Leyla sənin ilə bir yerdə Məşğul, xoşhaldır! (2 dəfə) Harun, guş et, bir dəm, Leylayə mən bəndəm; Fikrim, zikrim hər dəm, Hər dəm eşqi-Leyladır! Bu halda qoşun əhlindən on nəfəri dəxi buraya gəlir. Məcnun sifət olmuşam, Hər dərdə mən dolmuşam. Rəhm et, rəhm et, Harun, bir ləhzə, Yarpaq kimi solmuşam! (2 dəfə) Harun (Zeydə) Çox əcəb təklifdir, Zeyda, edirsən sən mənə, Bilmirəm hətta cavabında nə ayətəm mən sənə; Bil ki, biz Leyla ilə bir təndə bir can olmuşuq, Eşqimiz cuş eyləyib artmaqdadır gündən-günə. Qoşun əhli (xor) Nə etmək bu müşkül işə, Həlli bizə gər düşə? (Zeyd bikef üzünü tutubdur.) Əhvalı vəzirə ərz edək, İmdada tez yetişə! (2 dəfə) Zeyd Harun, əl çək yarımdan, Gəl qorx ahü zarımdan; Bil ki, bu yolda keçərəm Canımdan, həm varımdan. Dövlət isə – verərəm, Sərvət isə – verərəm, Xidmət isə – verərəm, Əl çək, Harun, Leyladan! Məcnun sifət olmuşam, Hər bir dərdə dolmuşam. Rəhm et, rəhm et, Harun, bir ləhzə, Yarpaq kimi solmuşam! Harun Sən deyirsən əl çəkim Leyla kimi canandan?! Hazıram mən əl çəkim bu baş ilə candan. Sən məni təhqir edirsən simüzər təklif edib, Bir tükün həm yarımın verməm bütün dünyayə mən! Qoşun əhli (xor) Nə etmək bu müşkül işə, Həlli bizə gər düşə? Əhvalı vəzirə ərz edək, İmdada tez yetişə! (2 dəfə) Zeyd Ax, Harun! Məni sən öldürdün!.. (Musiqi) Pərdə * * * İkinci pərdə Əmirin sarayıdır. Otaq ərəb əmirlərinə məxsus gözəl bir surətdə döşənib, bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir Leyla oturub, öz-özünə eşqdən danışır. Leyla Çünki bildin təmini eşqin şərabi-nabinək, İstərəm bir cam daha, ver saqiya, sərməst olam. (Musiqi) Bu həqiqi aləmin qeydü qəmindən büsbütün, İstərəm kim, aləmi-məstdə mən sərməst olam. (Musiqi) Yarımın bir gün fəraqi bir ilin dərdin verir, İstərəm kim, yar ilə mən daima həmdəst olam. (Musiqi) Yarü əğyar tənəsi təqib edər hərdəm məni, Varmı bir kani-müqəddəs, istərəm mən bəst olam. (Musiqi) Bu halda Zeyd daxil olur, Leylanı görür və ona müraciətlə deyir: Zeyd Leyla, sənə sözüm var, Etmə yenə məni xar. Rəhm etsən nə olar? Rüsxət ver! (2 dəfə) Sevdim, billah! Səni, Leyla! Oldum mən sənə aşiq! (2 dəfə) Leyla, Leyla! Sevdim billah! Ah! Sevdim! Sevdim səni, Leyla! Leyla Cürətin, Zeyda, təəccübdür sənin! İstəyirsən kim, əmirin düxtərin Yar qılasan özünə? Öyləsə bəs, Xam xəyaldır kim, edirsən sən əbəs! Zeyd Gəl sən mənə kərəm et, İnsaf yolu ilə get, Bir dəm rəhm eylə, Yandırma böylə. (2 dəfə) Sevdim billah! Səni, Leyla! (2 dəfə) Oldum mən sənə aşiq! Leyla, Leyla! Sevdim, billah! Ah, sevdim! Sevdim səni, Leyla! Leyla Ahü nalən etməyir heç bir əsər, Sözlərin, bil kim, sənə verməz səmər. Qismətin axtar sən özgə yardan, Lütfü ehsan gözləmə mən sarıdan. Zeyd Rədd etmə, Leyla! İncitmə, Leyla! Bir nəzər lütf et! Bir əsər lütf et! (2 dəfə) Sevdim, billah! (Musiqi) Sevdim, billah! Səni, Leyla! Oldum mən sənə aşiq! (2 dəfə) Leyla, Leyla! Sevdim, billah! Ah, sevdim! Sevdim səni, Leyla! Leyla Bunca zəhmət bəs edər, Zeyda, mənə Artığın, insaf qıl, görmə rəva! Zərrə qədri meyl etməm mən sənə! Get, mənə vermə daha bir də cəfa! Zeyd (qəzəblə) Bildim, sən Haruna aşiqsən! Leyla Bəli! Mən Haruna aşiqəm! Zeyd Leyla! Yandırma məni! Leyla Sevdiyim yalnız bir Harundur! Zeyd Leyla, Leyla! Zalım olma!.. Bildim, sən Haruna aşiqsən! Leyla Bəli! Mən Haruna aşiqəm! Zeyd Leyla! Yandırma məni! Leyla Sevdiyim yalnız bir Harundur! Zeyd Leyla, Leyla! Zalım olma! (Musiqi) Zeyd bihalət bir surətdə miz üzərinə yıxılıb, üzünü əli ilə tutur; Leyla isə məğruranə bir surətdə ona baxıb qalır. Zeyd (yalvara-yalvara) Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla! Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla! Gör, əlində dönmüşəm mən əsirə, Leyla! Bir də etmə sən nişanə seyfi-tirə, Leyla! (ƏLAVƏ) Allaha bax, rəhm elə! Zalım olma bir belə! (2 dəfə) İstəmə sən Zeyd axır Eşq dərdindən ölə!.. (Musiqi) Olma zalım, rəhm qıl, sən mən fəqirə, Leyla! Xoş nəzərlə bir kərə bax mən fəqirə, Leyla! Gör, əlində dönmüşəm bir əsirə, Leyla! Bir də etmə sən nişanə seyfi-tirə, Leyla! Leyla Əbəsdir naleyi-zarın, Xəyalın, xam əfkarın. Yəqin et qətiyyən, Zeyda! Deyil Leyla sənin yarın! Zeyd Rəhm eylə, Leyla! Leyla, rəhm eylə! Allaha bax, rəhm eylə! (2 dəfə) (Yaxınlaşır) Zalım olma bir belə!.. Leyla (acıqla). Əl çək məndən! (Tez çıxıb gedir.) (Musiqi) Bu məqamda Harun daxil olub, Zeydə tərəf yaxınlaşır. Zeyd onu görüb, bu səfər dəxi ona yalvarır. Zeyd Harun, sənə sözüm var! Etmə yenə məni xar, Rəhm etsən nə olar? Rüsxət ver! (2 dəfə) Sevdim, bil sən, Leylanı mən; Oldum Leylaya aşiq! (2 dəfə) Harun, Harun, Leyla yarım! Ah! Sevdim, sevdim Leylanı mən! Harun Cürətin, Zeyda, təəccübdür sənin. İstəyirsən özgə şəxsin dilbərin Yar qılasan özünə! Öylə isə bəs, Xam xəyaldır kim, edirsən sən əbəs! Zeyd Gəl sən mənə kərəm et, İnsaf yolu ilə get; Bir dəm rəhm eylə, Yandırma böylə! (2 dəfə) Sevdim, bil sən, Leylanı mən, Oldum Leylaya aşiq! (2 dəfə) Harun, Harun, Leyla yarım. Ah! Sevdim, sevdim Leylanı mən! Harun Ahü nalən etməyir heç bir əsər, Sözlərin, bil kim, mənə verməz səmər. Qismətin axtar sən özgə yardan, Heç dərd, qəm çəkmə Leyla sarıdan. Zeyd Rədd etmə, Harun! İncitmə, Harun! Bir nəzər lütf et! Bir əsər lütf et! (2 dəfə) Sevdim, bil sən. (Musiqi) Sevdim, bil sən, Sevdim, bil sən, (2 dəfə) Leylanı mən, Leylanı mən, Oldum Leylaya aşiq! Harun, Harun! Leyla yarım! Ah! Sevdim, sevdim Leylanı mən! Harun Bunca zəhmət bəs edər, Zeyda, mənə! Artığın, insaf qıl, görmə rəva! Candan artıq sevdiyim cananımı, Sən alınca, alginən bu canımı! Zeyd (qəzəbnak) Harun! Qorx məndən! Harun Boş və bihudə danışma! Zeyd Harun, əl çək Leyladan! Harun Candan, başdan əl çəkərəm! Zeyd Harun, Harun! Olma bais!.. Harun! Qorx məndən! Harun Boş və bihudə danışma! Zeyd Harun! Əl çək Leyladan! Harun Candan, başdan əl çəkərəm! Zeyd Harun! Harun! Olma bais! Deyib qılıncını çəkir; Harun dəxi qılınc çəkir və hər ikisi qalxan götürüb dava edirlər; bu halda vəzir daxil olub bunları görür. Vəzir. Allahü əkbər! (Aralarına girir.) Siz nə işdəsiniz?! Bu saat Əmir buraya gəlir. Qasid gəlibdir ki, üstümüzə düşmən qoşun çəkib gəlməkdədir; siz nə ilə məşğulsunuz?! Zeyd və Harun davadan əl çəkib, qılınclarını qınına qoyurlar. Bu halda Əmirin əyanları, oğlanlar və qızlar cərgə-cərgə gəlib düzülürlər və bədə Əmir daxil olduqda oxuyurlar: Hamı Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox. Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox. Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Canü başdan keçməyə hazırıq biz, bil, Ömr versin Allahım, çox yaşasın il. Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Vəzir məktub pişnəhad edir, Əmir mütaliə edir. Musiqi çalır, bədə yenə hamı oxuyur: Hamı Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox! Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Əmir. Allahın mərhəməti cümləmizin üzərində olsun. Hamı. Amin! Əmir. Üzərimizə düşmən gəlir. Bizi qırmaq və müqəddəs məkanlarımızı əlimizdən almaq istəyir. Nə etmək lazımdır? Harun və Zeyd (irəli durub). Düşmənə müqabil durub, onu məğlub və pərişan etmək! Əmir. Əmr edirəm: qoşun bu gün hazır olsun! Harun və Zeyd, Zeyd və Harun! Qoşun çəkib gedirsiniz, düşmən ilə dava edirsiniz, eşidin! Hansı biriniz davadan müzəffər gəlsə, əmir sözü verirəm ki, məndən hər nə istəsə, təxtü-tacımdan başqa, – onu əmələ gətirərəm. Amma məğlub olsa, daha bir də gözümə görünməsin! Eşitdinizmi? Harun və Zeyd. Əlbəttə, Əmir sağ olsun! Əmir. Mürəxxəssiniz, gedin qoşun tədarük edin. Allahın mərhəməti cümləmizin üzərinə olsun! Hamı. Amin! Harun və Zeyd gedirlər, dallarınca Bəkir, Rəhman və sairə. Vəzir. Əmir sağ olsun! Səxavətiniz aləmə əyandır! Lakin, xudanəkərdə, sui-istifadə edən olmasın! Əmir. Vəzir, bilirsənmi ki, bir söz ki, Əmirin ağzından çıxdı, o hökmü-qanundur! Vəzir. Şübhəsizdir, Əmir sağ olsun! (Deyib çəkilir.) Bədə Əmir işarə edir, sazəndə və bazəndələr gəlib, çalıb oynayırlar; ondan sonra Əmir durub gedir, dalınca qızlar və oğlanlar. (Musiqi) Hamı Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox! Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) (Musiqi) Hamı gedir, Leyla qayıdır. Leyla Neyləmişdim, ey fələk, hicran qəmin verdin mənə, Bir bu qədri ahü naləm heç əsər etmir sənə. Gəl muradın canımı almaqsa, billah, alginən, Bir kərə öldür məni, qurtar əzabi-hicrdən! (Ağlayır.) Harun (daxil olur) Ayrılıq, Leyla, pərişan eylədi əhvalımı, Yandırıb yaqmaqdadır suzi-ciyarlə canımı. Heç ümidim yox bu firqət dərdinə tab eyləyim, Fikrimə gəlməz ki, bir gün görməyim mən yarımı. (Musiqi) Beylədir, əmri qəzanın kim, gərəkdir ayrılaq, Məhv qıl, pərvərdigara, zülm ilə həm zalımı. Leyla Sən gedirsən, söylə, Harun, mən nasıl tənha qalım, Kim səda versin sədamə, kim eşitsin zarımı. (Musiqi) Leyla ağlayır, Harun durub gedə-gedə oxuyur. Harun Əlvida, Leyla, yetişdi çün zamanım, əlvida! Bax, unutma cəngdə fovt olsa canım, əlvida! (Gedir.) Leyla Ax, Harun getmə, getmə! (Ağlaya-ağlaya dalınca çıxır.) (Musiqi) Zeyd (daxil olur) Dedi: hər kəs müzəffər gəlsə, Hər nə istəsə verərəm. Bunca möhnət, bunca zillət Səndədir, Leyla! Ax, Leyla, Leyla, gedirəm! Bunca zillət səndən, Leyla! Getdim! (Tez çıxır.) Pərdə * * * Üçüncü pərdə Meşə içində boş yerdə vaqe olur. İki çadır qurulubdur. Hər çadır ağzında bir nəfər əsgər durubdur. Bəkir tək ora-bura gəzinir. Pərdə qalxır. Bəkir (söz ilə). Harun, bəli, düşməni məğlub etdi! Zeyd məyus qaldı... Nə edim? Zeydin təklifini qəbul edim, etməyim? Təklifi ağırdır. Lakin əvəzində verdiyi simuzərin çəkisi də ağırdır! (Fikrə gedir.) Olsun! Mənə simuzər lazımdır! (Bu halda pərdə dalından qoşunun səsi gəlir.) Aha, gəlirlər! Qoşun əhli (pərdə dalından) Davaya getdik, Meydana yetdik Biz məğlub etdik; Ol düşməni! (2 dəfə) Etməzdi düşmən böylə güman, Yalvardı, istədi əlaman! Davaya getdik, Meydana yetdik; Biz məğlub etdik Ol düşməni! (Musiqi) Harun, Zeyd və qoşun səhnəyə gəlir; bir də haman marşı oxuyurlar. Harun Çalınsın təbli-zəng, qoşun rəqs etsin! Musiqi. Qoşun rəqs edir; rəqsin bir yerində qılınclarını siyirib oxuyurlar. Qoşun Hər davada üst olduq, Düşmən gördü süst oldu, (2 dəfə) Əl çəkdi ol davadan, Düşmən döndü dost oldu. (2 dəfə) (2 dəfə) Harun. Allahın köməyi ilə düşməni məğlub etdik. Bir arzumuz varsa, o da bu şadlıq xəbərini tezliklə Əmirə yetirməkdir. Yaşasın Əmirimiz! Qoşun. Yaşasın Əmirimiz! Harun. İndi istirahət zamanıdır! Deyib çadıra girir; qoşun əhli istirahətə əyləşir. Axşam düşür. Zeyd Bəkiri kənara çəkib danışır. Zeyd. Hər şey dediyim kimi hazırdırmı? Bəkir. Bəli, hazırdır! Zeyd. İndi get, işə şüru eylə. Bəkir. Baş üstə. Harunun çadırına tərəf gedir. Harun çadırdan çıxır. Bəkir (Haruna). Sər-əsgər sağ olsun! İzin ver, qoşun dayanmasın, biz qoşunu götürüb gedək, siz isə gecə istirahət edib sonra gələrsiniz. Yoxsa qoşun ağır gedir, bizi ləngə salar! Harun (Zeydə). Zeyd, sən nə məsləhət görürsən? Zeyd. Əlbəttə, qoşunu saxlamaq lazım deyildir. Harun. Qoşun getsin! Bəkir, sən qoşunu çək, Rəhman isə yoldaşı ilə bizimlə qalsın. Bəkir. Baş üstə. (Qoşuna) Səfər təbli çalınsın. Dayanmaq bəsdir. Təbil çalınır, qoşun durur, yenə haman marşı oxuyub sonra gedirlər. Rəhman ilə digəri və iki qarovulçu qalırlar. Axşam olur. Zeyd çadıra girir. Rəhman (Haruna) Lap nahaqdır leşkəri göndərdiniz böylə uzaq, Qorxuram kim, nagahan düşmən hücumunda qalaq. Harun Qorxma, Rəhman! Düşməni bərk əzmişik, imkanı yox! Rəhman. Doğrudur, amma ki, düşmən gər bir olsa, baki yox. (Zeydə tərəf işarə edir.) Harun (barmağını ağzına tutur). Anladım... Mən anladım! Həqdir sözün, Rəhman, sənin, amma gecdir... Rəhman. Bəli, gecdir. Harun. Fikri vardır düşmənin... (Qeyz ilə) Qorxmuram mən ol dənidən, bildiyin qoy eyləsin. Rəhman. Doğrudur. Biz hazırıq. Hər nə edirsə eyləsin! Çadıra girirlər. Qaranlıq düşür. (Musiqi) Harun (çadırdan çıxıb oturur) Bir aman ver, ey qənim, Qoy bir görüm cananımı; Çün gözü yolda qalıb, Qıyma tökülsün qanımı. (Musiqi) Cəngdə hər anidə çıxmaz yadımdan Leyla, Ah, olurmu bir o gün bir də görəydim yarımı. Çadıra girir. Musiqi. Lap qaranlıq olur. Zeyd (qısıla-qısıla öz çadırından çıxıb meşəyə tərəf gedir). Vaxtdır cəngə, vaxtdır cəngə, ah! Düşməyin ləngə, düşməyin ləngə, ah! Bu əsnada meşədən on-on beş nəfər müsəlləh adam çıxıb, Zeyd ilə bir yerdə Harun və yoldaşları üzərinə hücum edirlər. Bunlar yuxudan ayılır, dava başlanır. Lakin bunlar az, onlar çox; odur ki, hamını qırıb, qaçıb gedirlər. Gedərkən Zeyd yerə yıxılıb qalmış Harunun ölmüş olduğuna inanıb, çıxıb gedir. Amma Harun ölməyib, bərk yaralıdır. Harun (güc ilə başını qaldırır) İncidir yaralarım, yoxdur ümidim özümə, Bu nə haldır... (Ora-bura baxır.) Görünür cürbəcür insan gözümə! (Musiqi) Ax, Leyla! Sənə qurban edirəm canımı mən, Tərk qıl, yoxdur ümidim, gözləmə gəl rahimi sən! Musiqi çalır, Harun uzanır. Yavaş-yavaş sübh açılır, işıqlanır. Bu halda bir nəfər dərviş gəlib buradan keçərkən yerə yıxılmış meyitləri görüb, təəccüblə dayanır. Dərviş Allah, Allah, bu nədir böylə? Əcəl meydanıdır? Bu tökülmüş nəşlər insanın qurbanıdır! Gör bəni-adəm necə zülmü sitəmlə bir-birin, Öldürüb qırmaqdadır... aya, kimin fərmanıdır Bu əməl, bunca sitəm, böylə fəna rəftarlar?! Dərviş gedib meyitlərə bir-bir baxır. Dərviş. Heç birində can yoxdur. (Haruna gedib baxır.) Bu hələ ölməyibdir. Bəlkə nicatı mümkündür? Cibindən cürbəcür otlar və dərmanlar çıxarıb, onlardan birini Harunun burnuna tutur. Harun (ayılır). Ax, Leyla... bir içim su... ölürəm! Dərviş. Qorxma, mən səni sağaldaram. Mən yaraların dərmanını bilirəm, qorxma! Harun. Sən kimsən? Dərviş. Mən sənə müalicə edənəm. Qorxma, sağalarsan! (Musiqi) Harun Bir bu qədri yaralar qoymaz məni sağa çıxam Kim, görəm Leylanı mən, gül tək camalına baxam. (Birdən qəhr və qəzəblə) Zeyd! Alçaq Zeyd! Ölməyəydim, intiqam alaydım, intiqam! (Deyib yıxılarkən dərviş tutur.) Pərdə * * * Dördüncü pərdə Yenə Əmirin sarayında vaqe olur. Əmir, yanında vəzir və əyanlar taxt üstündə əyləşibdir. Qabağında qızlar rəqs edirlər. Bədə rəqs tamam olur. Əmir (qızlara) Bir nəğmə çalın, həm oxuyun, qəlbimi şad eyləyəsiz, Həm şəbabətdə keçən günləri yad eyləyəsiz! (Musiqi) Qızlar Yadındadır keçmişlər, Keçirdiyin xoş günlər; Gözəl idi o dəmlər, Keçdi getdi, o günlər hanı? Keçdi getdi o dəmlər! (2 dəfə) (Musiqi) Cəh-cəh vurur bülbüllər, Hər yan açıbdır güllər. Pəh, nə nazikdir bellər, Keçdi getdi, o günlər hanı? Keçdi getdi o dəmlər. (2 dəfə) Oğlanlar Olsun o günlər, Gəlsin o dəmlər, Güllər, bülbüllər! (2 dəfə) Qızlar Saqi, tez ver badəni, Çağır Pərizadəni, Salsın yada ol günü. Keçdi getdi, o günlər hanı? Keçdi getdi o dəmlər. (2 dəfə) (Musiqi) Tut əlimdən seyr edək, Zövqü şövqə meyl edək, Eşqin yolu ilə gedək. Keçdi getdi, o günlər hanı? Keçdi getdi o dəmlər. (2 dəfə) Oğlanlar Olsun o günlər, Gəlsin o dəmlər, Güllər, bülbüllər! (2 dəfə) Qızlar və oğlanlar Yadındadır keçmişlər, Keçirdiyin xoş günlər, Gözəl idi o dəmlər. Keçdi getdi, o günlər hanı? Keçdi getdi o dəmlər. (2 dəfə) (Musiqi) Qasid (söz ilə). Əmir sağ olsun, qoşunumuz davadan qayıtdı, budur, gəlməkdədirlər. (Leylada başaşət əsəri) Əmir. Allahın mərhəməti cümləmizin üzərinə olsun, xeyirxəbər olsunlar! Hamı. Amin! Qoşun pərdə dalından əvvəlki marşı oxuyur. Sonra Zeyd Bəkir ilə daxil olur; Leyla bunların içində Harunu görməyib, müztərib hal olur və intizardadır ki, görsün Harundan nə xəbər vardır. Əmir (Zeydə). Qalibsiniz, ya məğlub? Zeyd. Əmir sağ olsun, Allahın köməyi ilə qalibik. Əmir. Allahın mərhəməti cümləmizin üzərində olsun! Hamı. Amin! Əmir. Söylə təfsilatı, qulaq asaq! Zeyd. Düşməni məğlub və pərişan etdik. Söz verdi on il bizimlə dava etməsin. Budur əhdnaməsi! (Təqdim edir.) Əmir (mütaliə edir, vəzirə verir). Bəs Harun? Zeyd (başını aşağı salıb, boğuq səs ilə). Şəhid oldu! Hər kəsdən bir təəssüf və təhəssür nidası qalxır. Leyla isə bərk qışqırıb özündən getməkdə ikən vəzirin işarəsi ilə qızlar Leylanı götürüb, o biri otağa çıxarırlar. Əmir. Şəhid oldu? Allahü-əkbər! Allah rəhmət eyləsin... Zalım düşmən! Harun kimi sər-əsgərimi əlimdən aldı... (Fikir.) Ax, Harun, Harun! (Fikir, bədə Zeydə) Zeyd, sən ki, davadan müzəffər və qalib gəldin, əvəzində məndən bir ənam istə! Zeyd. Əmir sağ olsun, siz bizi göndərəndə buyurdunuz ki, hər kəs qalib gəlsə hər nə istəsə verərəm. Əmir. Doğrudur, necə? Zeyd. Sizin o sözünüz mənə cürət verir və mən sizdən qızınız Leylanı istəyirəm. Bu sözdən hamı pərişanhal olur və təəccüb edir. Əmir (qeyz ilə). Nə cürət etdin? (Yada salır.) Ax, söz vermişəm... Nə ağır təklifdir! Zeyd, sən məndən özgə şey istə, qızıl istə! Zeyd. Əmir sağ olsun, Leyladan başqa özgə istəyim yoxdur. Sizin vədiniz mənə cürət verib istəyirəm. Əmir. Bir övladım var, o da Leyladır... Zeyd, Leylanı əlimdən alma! Zeyd. Əmir sağ olsun, cürətim böyükdür, buyur boynumu vursunlar; amma sən söz verdin, mən də cürət etdim. Əmir (vəzirə). Sənin sözün doğru imiş... (Zeydə) Hansı şəhərimi istəsən sənə verərəm, amma Leylanı alma! (Musiqi) Zeyd Sən söz verdin, Mən eşitdim. Düşmən ilə Cəngə getdim. (2 dəfə) Qoşun çəkdim, Mən cəng etdim; Düşmən halın Mən təng etdim! (2 dəfə) Nə tövr komanda etdiyini əli ilə işarə edir. Hay... hay... hay... Leylanı mən (Musiqi) Sevdim, ey Əmir! Leylanı mən. Sevdim, ey Əmir! (2 dəfə) Bəs nə edim, Nədir tədbir? Qoşun çəkdim, Mən cəng etdim. Düşmən halın Mən təng etdim! (2 dəfə) Hay... hay... Hay... cəngə gəl! Əmir. Zeyd, bir ləhzə gözlə, mən sənə cavab verərəm! Zeyd çıxır. Əmir (vəzirə). Vəzir, nə etməli? Bu mənhus dava Harun kimi sər-əsgərimi əlimdən aldı... Bu nakəs də qızımı almaq istəyir, təki düşmən bizə qalib gələydi, bu iş olmayaydı. Vəzir. Əmir sağ olsun, əlbəttə, sən istəsən bu saat əmr edərsən, Zeydin boynu vurulsun. Lakin sən söz verdin... Əmir sözü... nə etmək! Əmir Bu qulu bir əmr ilə rədd eyləmək məqdur ikən, Gör əlində mən onun acizü naçar olmuşam; Çünki mən söz vermişəm, sözdən dönüm, ya dönməyim. Bunca müşkül məsələ hallinə vadar olmuşam! Hamı Çox çətin məsələ! Həlli onun müşkül, Həlli onun müşküldür. Zeydi rədd eyləmək Hər bir şeydən yüngül, Hər bir şeydən yüngüldür. Amma ki, söz verdin, Əmrini bildirdin, Əmrini bildirdin! Çünki sən söz verdin! Əmir (söz ilə). Vəzir, nə etməli? Bir çarə tap! Vəzir. Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq. Əmir (şad olur). Doğru deyirsən, vəzir. Çağırın Zeydi!.. Bəlkə bu qırx gündə bir əlac tapılsın. (Zeyd daxil olur.) Əmir. Zeyd, mənim sözüm Əmir sözüdür, onda xilaf ola bilməz; Leylanı sənə verərəm, lakin sən mənə qırx gün möhlət ver, sonra Leylanı apar. Zeyd. Mərhəmət və iltifatın, Əmir, artıq olsun! Baş üstə, mən qırx gün gözlərəm. Əmir. İndi mürəxxəssən. (Zeyd baş əyib gedir.) (Musiqi) Əmir. Nökərimdən, nökərimdən möhlət aldım, çünki mən söz vermişəm. Verdiyim sözlərdə mən daim vəfadar olmuşam. Hamı Çox çətin məsələ, Həlli onun müşkül, Həlli onun müşküldür. Zeydi rədd eyləmək Hər bir şeydən yüngül, Hər bir şeydən yüngüldür. Amma ki, söz verdin, Əmrini bildirdin, Əmrini bildirdin! Çünki sən söz verdin! Əmir və hamı durub gedirlər. (Musiqi) Leyla gözüyaşlı daxil olur. Leyla Bu qədər zülmü, fələk, sən ki, rəva gördün mənə, Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? Zülm ilə aldın əlimdən yarımı, qıydın ona, Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? Qaldı yolda gözlərim, canım, ənisim gəlmədi, Çünki Leyladır adım, səhrada Qeysim gəlmədi; Eylədin zayil ümidim, verdirdin həsrət mənə, Təqsirim nəydi mənim, aya, nə etmişdim sənə? (Ağlayır.) Pərdə * * * Beşinci pərdə Əmirin hamankı sarayında vaqe olur. Səhnədə vəzir ilə Bəkirdir. Pərdə qalxır. Vəzir. Qırx gün keçdi... Bu gün vədə tamamdır. Zeyd gələcəkdir, amma biz bir əlac tapa bilmədik... Hiyləgər Zeyd Əmirin sözündən asıldı, özünyə yol tapdı. Harun isə... ax, Harun, Harun! Kim bilir, davadamı ödürdülər, ya Zeydin namərd əli ilə qətl oldun. (Fikrə gedib, sonra Bəkirə tərəf yönəlir.) Bəkir! Doğrusunu söylə, yoxsa həm bu dünyada və həm o dünyada şədid cəzalara düçar olarsan! Harunu davada öldürdülər, yoxsa?.. Bəkir (başını aşağı salır). Vəzir sağ olsun, davada öldürdülər... Vəzir. Davada! Hansı davada? Bəs Rəhmanı? Bəkir. Onu da öldürdülər! Vəzir. Amma, bil, Bəkir! Nahaq tökülmüş qan yerdə qalmaz! (Tez dönüb çıxır.) Bəkir (tək). Vəzirin gözünə düz baxa bilmirəm. Vicdanım özümü incidir... deyim, deməyim? Kim bu sirri aça bilər? Harun ölübdür, Rəhman ölübdür... (Qəti surətdə) Yox! Demərəm. (Dönüb bu da tez çıxır.) Bu halda Leyla qara geyimli, gözü yaşlı, zəif, pərişanhal, iftan və xizan daxil olub oturur, bədə əllərini yuxarı qalxızıb minacat diləyir. (Musiqi) Leyla Ya ilahi, ya ilahi! Bir ölüm ver, canımı qurtar əzabi-hicrdən, Bir dəqiqə rahatım yox dərddən, min fikrdən. Heç rəvadırmı ki, Harundan sonra mən sağ qalam, Ol şəhidi ticikən, mən həm əsiri-dam olam. Ağlayır; bədə birdən fikrinə düşür ki, qırx gün keçibdir və Zeyd gələcəkdir. Leyla (söz ilə hövlnak). Ax, qırx gün keçdi... Bu gün vaxt tamamdır, Zeyd gələcəkdir! (Daha hövlnak) Yox, yox! Mən özümü xilas edərəm. Belindən xəncərini çəkir və oxuyur. Çünki yox başqa əlacım, var ümidim bir sənə, Mərhəmət eylə, a xəncər! Tez əcəl göndər mənə! (Yanıq ilə) Gəl, gəl, Zeyd! (Lakin yenə sustalıb, Harunu yad edir.) Bir bu qədri dərd içində könlümü məsrur edən, Bir odur ki, tez ölüm, ta kim, görüm Harunu mən. Çatmadıq çün biz murada bu cahani-fanidə, Axirətdir aqibət hər yarı yara vəsl edən. Bu yerdə Əmir və hamı daxil olub, Leylanı nalan görürlər. Hamı Bəsdir, Leyla, bunca möhnət, Gəl vemə böylə özünə zəhmət. (2 dəfə) Qismətdir bu, keçdi müddət, Gəl vermə böylə özünə zəhmət. (2 dəfə) Tək qızlar Ax, necə etmək, ax, necə etmək? Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə) Hamı Allahdandır çün bu işlər, Gəl vermə böylə özünə zəhmət. (2 dəfə) Səbr et, səbr et söyləmişlər; Gəl vermə özünə böylə zəhmət. (2 dəfə) Tək qızlar Ax, necə etmək, ax, necə etmək? Bax, yola getmək, başqa da çarə yox! (2 dəfə) Hamı Bəsdir, Leyla, bunca möhnət, Gəl vemə böylə özünə zəhmət. (2 dəfə) Qismətdir bu, keçdi müddət, Gəl vermə böylə özünə zəhmət. (2 dəfə) Əmir Qismətin buymuş, qızım, yox çarəmiz təğyir edək, Biz gərək daim bizə qismət olan yolla gedək. Leyla Ax, ata, bil sirrimi: Haruna aşiqdir qızın! Aşiqi etmiş bu yarın halətin, fikr et özün! Əmir Gər desəydin sən qabaq: Haruna ver, ata, məni, Bil, yəqin Haruna, Leyla kim, verərdim mən səni. Leyla Oldu Harunum şəhid, söz vermisən həm Zeydə sən, Qoy olum qurban, sözün ver, ver... gedim ol Zeydə mən. (Ağlayır.) Hamı Bəsdir, Leyla, bunca möhnət! (Necə ki, qabaqda var, axıra kimi) (Musiqi) Əmir əyləşir. Hər kəs öz məqamında durur. Bu əsnadə Zeyd daxil olur. Zeyd Qırx gün keçdi, Qırx gün keçdi. Leylanı aparmağa gəldim, Leyla, Leyla! Sevdim billah, ah! Sevdim, sevdim səni, Leyla! Əmir. Zeyd! Əmirin sözü sözdür... Apar, apar Leylanı. (Zeyd baş əyir.) Leyla (rişxənd ilə). Gəl, gəl, Zeyd! Mən hazıram! (Zeyd Leylaya tərəf hərəkət edərkən) Apar Leylanın nəşini! Xəncərini çəkir və qaldırır ki, sinəsinə çaxsın, bu halda qapılar açılır, Harun daxil olur və tez Leylanın qolundan tutur. Bu əhvalat hamını mat və məəttəl qoyur; elə ki, bir neçə saniyə heç kəsdə söz deməyə ixtiyar olmur. Leyla heyran, təəccüb, sürur və xof ilə yavaş-yavaş dönərək Haruna baxır və bunun Harun olduğunu yəqin edib qışqırır. Leyla. Harun! Ürəyi gedir. İndiyə qədər gözləri bərəlmiş və Haruna təəccüb ilə baxan Zeyd axır özünə gəlib qaçmaq istərkən Harun cəld onun qolundan yapışır və deyir: Harun. Dayan, namərd qatil! Qaça bilməzsən! Əmir (təəccüblə). Harun, sən qəbirdən dirilib gəldinmi? Leyla şadlığından ağlayır. Harun. Əmir sağ olsun! Qəbirdən dirilən kimi olmuşam, lakin Allahın mərhəməti üstümdə çox imiş! Əmir. Bəs söylə, bu nə əhvalatdır! Harun. Mən düşməni məğlub edib qayıdarkən, bu məlun hiylə ilə qoşunu ötürüb, öz gizli qatilləri ilə üzərimə hücum etdi. Adamlarımı və Rəhmanı öldürüb, məni də ağır yaralar ilə yıxdılar! Əmir. Səbəb? Harun. Səbəbini qızın Leyladan soruş! Əmir. Harun, Leyla mənə söylədi ki, sənə aşiqdir. Sən də ona aşiqsənmi? (Musiqi) Harun Ax, Əmir! Leylanı mən canımdan artıq sevmişəm, Sevmişəm, bu yolda həm min cür cəfalar görmüşəm. (Leyla ilə bir yerdə) Sevmişik bir-birimizi, olmuşuq bir təndə can, Olma razı, ey Əmir, kim, ayrılıq, ah, əlaman!.. (Musiqi) Əmir (dəbdəbə ilə) Olun agah, qızım Leylanı mən verdim bu Haruna, Gərək qırx gün gecə şadlıq edək hər növü hər gunə. Hamı Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! Canü başdan keçməyə hazırıq biz, bil, Ömr versin Allahım, çox yaşasın il. Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Canü başdan keçməyə hazırıq biz, bil, Ömr versin Allahım, çox yaşasın il; Həm ədalət, həm səxafət, həm şücaət səndə çox! (2 dəfə) Zeyd Öldürdün, öldürdün, Qoy yetim mən öz cəzama! Öldürdün, öldürdün, Böylə lazımdır mənə! (2 dəfə) Hamı Şanü şövkət, ey Əmir, səndən artıq kimdə yox, Həm ədalət, həm səxavət, həm şücaət səndə çox! (2 dəfə) Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-harun-ve-leyla İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.