Koroğlu Üzeyir Hacıbəyov (1885–1948) Birinci pərdə Xor-- Bu gözəl təbiət, bu şən mənzərə Bir daha səadət verməz bizlərə; Səadət verməz, səadət verməz, səadət verməz, bizlərə, bizlərə, bizlərə. Matəmə bürünmüş gözəl kəndimiz, Görünür bu dünyada yox bəxtimiz. Görmədik azadlıq üzü bir zaman, Bizləri əzdi bəylər, Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) V ə l i-- Dönmüşdür zəmanəmiz cəhənnəmə, Mənim də varlığım bürünmüş qəmə. N a d i r-- Həsən xan dünyanı dağıdır, didir, Kəndləri talayır, xəlqi məhv edir. Xor-- Doğrudur, xanlarda yoxdur mərhəmət; Talanmış məmləkət, yanmış məmləkət. Xan bilməz insaf, insanə cəbr edər, Nadir, söylə görək daha nə xəbər? N a d i r-- Həsən xan göndərmiş öz adamların. V ə l i-- Öz adamların? N a d i r-- Allahyar kəndçinin yarmış anbarın. V ə l i-- Yarmış anbarın? N a d i r-- Tamam aparmışlar arpa, buğdasın, Qoyun, quzu, xoruz, toyuq, çolpasın; Bir şeyi yox idi bunlardan səva. X o r-- Nə qədri zülmüdür, nə qədri cəfa. V ə l i-- Nə bəla gələcək görəsən yarın, Belə getsə işi bizim xanların. N a d i r-- Hər həftə başında bir xan, ya paşa. V ə l i-- Bir xan, ya paşa, N a d i r-- Qonaq gəlmiş olsa bu dağılmışa. V ə l i -- Bu dağılmışa, N a d i r-- Gedər var-yoxumuz qonaqlar üçün, Oğul-uşağımız qalar ac o gün, Bir ləzzət olmuyur əzabdan səva. X o r-- Nə qədri zülmüdür, nə qədri cəfa. V ə l i-- Nə bəla gələcək görəsən yarın, Belə getsə işi bizim xanların. V ə l i v ə N a d i r (ikisi birlikdə)-- Bizim xanlarıi, bizim xanların, bizim xanların. X o r-- Bu gözəl təbiət, bu şən mənzərə Bir daha səadət verməz bizlərə, Səadət verməz, səadət verməz, səadət verməz, bizlərə, bizlərə, Matəmə bürünmüş gözəl kəndimiz, Görünür bu dünyada yox bəxtimiz. Görmədik azadlıq üzü bir zaman, Bizləri əzdi bəylər, Əzdi xan, əzdi xan, əzdi xan. (2 dəfə) N a d i r v ə V ə l i-- Həsən xan, Həsən xan, Həsən xanın adamları, Həsən xan, Həsən xan, Həsən xanın adamları, Həsən xan, Həsən xan, Həsən!… İ b r a h i m x a n-- Oğrular, quldurlar, Kimdə var ixtiyar, Xan keçən yolları tozlaya, oğrular! Vurun, qovun, vurun, qovun!… H ə s ə n x a n-- Qamçıdır saxlayan bu rəiyyəti, Qamçısız yaşamaz xanın dövləti. Zülmə öyrənənlər sevməz mərhəmət, Zülmsüz yaşamaz bizim məmləkət. Döyməsən, söyməsən, malın almasan, Dara çəkdirməsən dama salmasan, Rəiyyət bir daha xanı dinləməz. H ə m z ə b ə y-- Xanı dinləməz. H ə s ə n x a n-- Malımın, canımın sahibi deməz. H ə m z ə b ə y-- Sahibi deməz. H ə s ə n x a n-- İstəsən xanlığı əz rəiyyəti,-- Söyləyib atalar bu vəsiyyəti, ah! Qamçıdır saxlayan bu rəiyyəti, Qamçısız yaşamaz xanın dövləti. Zülmə öyrənənlər sevməz mərhəmət, Zülmsüz yaşamaz bizim məmləkət. H ə m z ə b ə y-- Döyməsən, söyməsən, malın almasan, Dara çəkdirməsən, dama salmasan. Rəiyyət bir daha xanı dinləməz. H ə s ə n x a n -- Xanı dinləməz. H ə m z ə b ə y-- Malımın, canımın, xanısən deməz. H ə s ə n x a n -- Sahibi deməz. H ə m z ə b ə y-- İstəsən xanlığı öz rəiyyəti,-- Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti. H ə s ə n x a n-- İbrahim xan, yügür bu saətdəİlxını hazır etdir əlbəttə. İlxıdan bir at gərək seçəsən, Söyləsin aləm afərin, əhsən! Görməmiş olsun oylə at insan. İ b r a h i m x a n-- Bu saət edərəm sərəncam. H ə s ə n x a n-- Xanların xanıyam, böyük bir xan, Yeddi min kəndə eylərəm fərman. Şöhrətim, dövlətim, nəhayətsiz, Səltənət qurmuşam, varım hədsiz, Səltənət qurmuşam, varım hədsiz! X o r-- İlxı qaçdı otlağa! İ b r a h i m x a n-- İlxıdan qalmadı burda bir nişan, Qalmış yerində beş-on cüt qulan, İlxıçı ilxını sürdü otlağa. Böyük cəza lazım o cür alçağa. H ə s ə n x a n-- Qəsdən bunu etmiş ol haramzada. H ə m z ə b ə y-- Qəsdən bunu etmiş ol haramzada. (2 dəfə) İ b r a h i m x a n-- Qəsdən etmiş bunu ol haramzada. H ə s ə n x a n-- Gətirin hüzura! İ b r a h i m x a n-- Bu saət, qurban! H ə s ə n x a n-- Məlunun qətlinə verərəm fərman. İlxıdan ayrılmış beş-on cüt qulan, Etina etmərəm bunlara, inan. Oylə at istərəm bilinsin zatı, Ya Dağıstan atı, ya ərəb atı. Qoca A l ı n ı gətirirlər. H ə s ə n x a n-- Söylə, qoca məlun, bu nə, bu nə, bu nə hilədir? İlxını sürməkdə məqsədin nədir? A l ı-- Ortada yox idi heç bir məqsədim, Mən xana bir xidmət etmək istədim. Nə qədər cins at var seçdim, saxladım, Vallahi, yoxumdur heç bir məqsədim, Billahi, yoxumdur heç bir məqsədim. H ə s ə n x a n-- Heç mənası yoxdur yalan, yalan, yalan sözlərin, Aparın, çıxarın bunun gözlərin! Tez olun aparın, qoymayın qala!… H ə m z ə b ə y v ə H ə s ə n x a n-- Döyməsən, söyməsən, malın almasan, Dara çəkdirməsən, dama salmasan, Rəiyyət bir daha xanı dinləməz, Malımın, canımın sahibi deməz. Sakitlik istəsən əz rəiyyəti,-- Söyləyib atalar bu vəsiyyəti, bu vəsiyyəti…. N i g a r-- Şərir Həsən xan, zalım Həsən xan Cəllada verdi fərman: Fağır, günahsız, dilsiz, ağılsız Alını etsin qurban. Kor etdilər yazıq Alını, Dağıtdılar bütün malını. Qəlbim yanır, odlanır Mənim bu ahü nalədən, Gələr bir gün, gələr bir gün Bu məzlum xalq verər cəza Bu məlun, zülmkar xanlara, Bu eşq odundan yaralıyam mən, Gözümdə Rövşən, sözümdə Rövşən, Rövşən, Rövşən, Rövşən. Rövşəndir dünyada məni yaşadan, Rövşən məni sevir, mən də Rövşəni!… Rövşən məni sevir, mən də Rövşəni. Sevmirəm, sevmirəm varı, dövləti. Ölsəm də saxlaram məhəbbəti. Rövşəni minlərcə cana vermərəm, Min bəyə, paşaya, xana vermərəm. Sevirəm, sevirəm, sevirəm, Sevirəm, sevirəm səni, əzizim Rövşən, Sevirəm səni mən, səni mən, Səni mən candan artıq sevirəm, Rövşən, Rövşən! Bu eşq odundan yaralıyam mən, Rövşən! Sevdim səni, Rövşən! Rövşən gəlib çıxmadı, Gözləməkdən yoruldum. Ah, gəlirlər, gəlirlər, Gəlir igid Rövşənim. Hanı bəs Rövşən? R ö v ş ə n (pərdə dalından)-- Səni gordum, hey!… X o r-- Rövşəndir, Rövşən, Rövşən! R ö v ş ə n-- Səni gördüm, aşiq oldum, Dərdə saldın canımı. Ala gözlər, dadlı sözlər, Qara qaşlar, işvə nazlar…. Can alan yar tökdü nahaq qanımı. Gözəlim gəl, halımı sor, rəhm elə. Nazlı yarım, gülüzarım, işvəgarım, hey…. Nədir əmrin, tacidarım, sərvərim?… Ah, Nigarım! Sevgili, nazlı dilbərim, sevgilim, Sevgilim, ayrı düşdüm səndən, gəl görüm. N i g a r-- Şərir Həsən xan, zalım Həsən xan Cəllada verdi fərman, Dilsiz, ağızsız, fağır, günahsız Alını etsin qurban. Kor etdilər yazıq Alını. X o r-- Yazıq Alı! N i g a r-- Dağıtdılar bütün malını. X o r-- Yazıq Alı! N i g a r-- Nə vaxtadək zalımın zülmü görməz intiqam?! R ö v ş ə n-- Ax, intiqam, ax, intiqam!… N i g a r v ə x o r-- Gərək bu gün edək qiyam, Alaq o xandan intiqam! N i g a r v ə R ö v ş ə n-- Ax, intiqam, ax, intiqam!… X o r-- Gərək bu gün edək qiyam, Alaq o xandan intiqam! R ö v ş ə n-- Ax, intiqam, ax, intiqam!… A l ı-- Rövşən, Rövşən!… H a m ı-- Alaq o xandan intiqam!… N i g a r v ə R ö v ş ə n-- Yazıq atam!… R ö v ş ə n-- Sənin qanın yerdə qalmaz! X o r-- Yazıq Alı kor, bədbəxt oldu, Bədbəxt oldu, bədbəxt! R ö v ş ə n-- Görünür taxsırın varimiş əlbət. A l ı-- Ortada yox idi heç bir məqsədim, Mən xana bir xidmət etmək istədim. Nə qədər cins at var seçdim, saxladım, Vallahi, yoxumdu heç bir məqsədim. Ha, ha, ha….. (ağlayır). X o r-- Nə qədər qulluq eyləsən, Yolunda canından keçsən, Yenə də axırda səndən Razı qalmaz əsla nə bəy, nə xan, Nə paşa, nə tacir, nə əyan. A l ı-- Oldun sən kor oğlu, (2 dəfə) Kor oğlu, kor oğlu, kor oğlu, kor oğlu!… R ö v ş ə n-- Təngə gəldik, yox tavan, Əzdi bizi vəhşi xan. Görmədik bir yaxşı gün Hərgiz, məhv edildik büsbütün, Bəy, xan, paşa, mülkədar, Yansın, batsın hər nə var. Qalxsın üsyan şöləsi, Rədd olsun vəhşi bəy, xan! Mən daima düşmənəm Xanlara, düşmən, düşmən. Hər tərəfdən qanlar axsın Sel kimi, sel kimi, sel kimi, sel!… Üsyan etmək, üsyan etmək, məhv eyləmək, Xanı məhv eyləmək, onu məhv eyləmək! Yoxsul xalqa nicat verəcək Bir əlac var isə--usyan, usyan!… X o r-- Hər bir yerdən--dağdan, daşdan, Ormanlardan, insandan Qalxsın üsyan, qalxsın üsyan! Hər ölkədən, hər yandan! Qoy rədd olsun, qoy məhv olsun Bəylər, xanlar, zalımlar. Qoy məhv olsun, qoy məhv olsun Qəddar, xain qatillər! R ö v ş ə n-- Dağlar, daşlar, dağdaşlar arasına Səngərlər çəkmək, Ordan saldırmaq, qırmaq, yıxmaq, Qırmaq, yıxmaq, xanları məhv eləmək! X o r-- Məhv olsun, məhv olsun xanlar! R ö v ş ə n v ə N i g a r-- Üsyan, üsyan!… Üsyandan başqa yox çarə, Üsyandan, başqa yox çarə, çarə!… H a m ı-- Üsyan, üsyan!… R ö v ş ə n v ə N i g a r-- Üsyandır son çarə! R ö v ş ə n-- Mənimlə gedən gəlsin, gedək dağlara. Qalarsan burda, Nigarım, Olarsan mənə burda lazım. Xanın əməllərindən Məni xəbərdar edərsən, Səni tezliklə xilas edərəm mən. Sevgilimsən. Mənimlə gedən gəlsin, gedək. X o r-- Qoy rədd olsun, qoy məhv olsun, Xanlar, bəylər, zalımlar! Qoy məhv olsun, qoy tərk olsun Qəddar, xain qatillər! Qatillər, zalım xainlər!… Rövşən, gedək! PƏRDƏ * * * İkinci pərdə H ə s ə n x a n-- Bu inqilab törədəni Asardım mən öz əlim ilən. Ehsan paşa ilə barışmaq gərək, İttifaqa girib, çalışmaq gərək. P o l a d-- Ehsan paşa gəlir, yarı yoldadır. H ə s ə n x a n-- Tədarük görün, tez qabağa çıxın. Mina ibriqlərə şərab doldurun, Mina ibriqlərə şərab doldurun, Şərab, şərab, şərab, şərab, şərab, şərab!… Payəndaz döşəyin o gələn yola, Bəzənsin qadınlar, salsın qol-qola, Geysin rəqqasələr təzə paltarın, Paşaya göstərin ölkənin varın. Bütün adamları çağır, ver xəbər, Onu aldadalım bəlkə bir təhər. Doğrudur, düşmənik, neyləyim fəqət, İndi sülhə girmək eyni məsləhət, eyni məsləhət, eyni məsləhət. (2 dəfə) Gərək axır qoyam bu üsyanlara, Hər gün bir müsibət doğur xanlara. Mina ibriqlərə şərab doldurun, Mina ibriqlərə şərab doldurun, şərab doldurun, Şərab doldurun, şərab, şərab, şərab, Şərab, şərab, şərab!… Payəndaz döşəyin o gələn yola, Bəzənsin qadınlar, salsın qol-qola, Geysin rəqqasələr təzə paltarın, Paşaya göstərin ölkənin varın. P o l a d-- Ehsan paşa gəlir, əmriniz nədir? H ə s ə n x a n-- Böyük ehtiramla qonağı gətir. X o r-- Bizə xoş gəldin, paşa! Dünya durduqca yaşa! Uzun illər sür dövran, Belə sür dövran. Səfa gəldin sən bizim ölkəyə, Sür belə bir dövran. H ə s ə n x a n-- Çox səfa gəlmisən, Ehsan paşa həzrəti, Mən təqdir edərəm böylə hörməti. E h s a n p a ş a-- Məhrəbalar sənə, məhəbbətli xan, Məhəbbət sənə bəslərəm hər zaman. H ə s ə n x a n-- Bizim dostluğumuz olduqca saf. E h s a n p a ş a-- Olduqca saf. H ə s ə n x a n-- Yoxdur aramızda heç bir ixtilaf. E h s a n p a ş a-- Heç bir ixtilaf. Olmasın yerindən bir-iki kəndim. H ə s ə n x a n-- Rəiyyət dinc olsun. E h s a n p a ş a-- Bu sözü bəyəndim. H ə s ə n x a n-- Bu sözü bəyəndim. H ə s ə n x a n v ə E h s a n p a ş a-- Bu sözü bəyəndim. Onu aldadalım bəlkə bir təhər. Doğrudur, düşmənik, neyləyim fəqət, İndi sülhə girmək eyni məsləhət, Eyni məsləhət, eyni məsləhət. H ə s ə n x a n-- İçək badəni bu şərəflərə. X o r-- İçək badəni bu şərəflərə. H ə s ə n x a n-- Gəlsin rəqqasələr, Gəlsin rəqqasələr, çalsın, oynasın. R ə q s H ə s ə n x a n-- Əmr edin, təlxək gəlsin, Bizi guldursun, ha, ha, ha, ha!… Q o ş u n l a r içəri daxil olurlar. X o r (qoşunlar)-- Xan cənabları, xan cənabları! Koroğlu, Koroğlu, Koroğlu. Vergi yığdıq kəndlilərdən, Getdi aldı Koroğlu, Vurdu, döydü, yıxdı, əzdi, Zərbə çaldı Koroğlu. Dörd beşillik vergiləri Güclə, zorla döydük, aldıq, Cəza verdik, dama saldıq, Başlar yardıq, nə var aldıq: Çox qızıllar, çox gümüşlər, Çox cəvahir talan oldu, Viran oldu, bada getdi, Bada getdi, bada getdi, Hər nə vardı, xandan ötrü Hədyə, sovqat bada getdi, Həmlə etdi, zərbə çaldı, Qoşunlara Koroğlu, Əzdi, tökdü, yaman günə Saldı bizi Koroğlu. Qırdı bizi, lüt eylədi, Yamanca şil-küt eylədi, Bir əlac edin bu dərdə, Qalmışıq belə, əlac edin, Əlac edin, əlac edin, Əlac edin, əlac edin! H ə s ə n x a n-- Daha bəsdir! T ə l x ə k-- Kimdir məni çağıran? H ə s ə n x a n-- Kor oğlu! Kor oğlunun çıxışları qəti tədbir istər, E h s a n p a ş a-- Kor oğlunun çıxışları qəti tədbir istər. H ə s ə n x a n v ə E h s a n p a ş a-- Əlac, əlac!… H ə s ə n x a n-- Çıxın gedin, çıxın gedin, Qalsın bəylər, əyanlar. Məsələ olduqca çətin məsələ, Ölkəni quldur, qaçaq almış ələ, Koroğludur başçıları onların, Qorxusu yox xandan o məlunların. Yığmışdır başına quldurdan, oğrudan; Qorxunc bir təhlükə olmuşdur doğrudan. Tezliklə biz gərək, bir çarə eyləyək. Koroğlunu öldürmək, məhv etdirmək!… E h s a n p a ş a-- Göndərək Koroğlunu tutmaq üçün min nəfər. O məlunu tutub gətirsin, müxtəsər. B i r i n c i ə y a n-- Lazım olmaz min nəfər, Beş yüz kifayət edər. Məncə beş yüz olsa da, Bəs min nəfərə, bəs. İ k i n c i ə y a n-- Burda müşkül bir iş yox, Gərək Koroğlunu məhv edək. T ə l x ə k (gülür)-- Ha, ha, ha!… H ə s ə n x a n-- Təlxək! E h s a n p a ş a-- Ehtiyatla iş görmək gərək, Güclü qoşun göndərək. Koroğlunu məhv etmək, öldürmək. İ b r a h i m x a n-- Sərkərdələr getsin, Onu məhv eləsinlər. Bu xalqa dərs olsun. Düşmənə bir zərbə çalsın, Bir əsər qalmasın. B i r i n c i ə y a n-- Sürətlə getmək, tutmaq onu, Tutub məhv etmək. H a m ı-- Sürətlə onu öldürmək, Məhv etmək, məhv etmək, öldürmək. (Təlxək gülür.) H ə s ə n x a n-- Təlxək, bu nə gülməkdir, Bu nə istehza?! H a m ı-- De görək sən bir! Tə l x ə k-- Axı necə mən gülməyim Bu cür axmaq sözlərə; Dəli edib Koroğlu, Salıb sizi düzlərə. Koroğlunun üstünə Göndərirsiz min əsgər, Amma onu tutmağa Kifayətdir bir nəfər. H a m ı-- Bir nəfər? T ə l x ə k-- Bir nəfər! I. Koroğlunun bir atı var, (2 dəfə) Qırat deyərlər adına. (2 dəfə) Qırat yaman gündə yetər (2 dəfə) Koroğlunun imdadına. (2 dəfə) Koroglunun imdad?na, hey!… Koroğlunun imdadına. (2 dəfə) II. Bir nəfər igid gərək, (2 dəfə) Atın oğurlasın onun. (2 dəfə) Bu kələk yaxşı kələk. (2 dəfə) Afərin ustadına! (2 dəfə) Afərin ustad?na, hey!… Afərin ustadına! (2 dəfə) III. Bura gəlcək tutun onu, (2 dəfə) Bağlayın əl-ayağın. (2 dəfə) Bu kələk yaxşı kələk. Afərin ustadına! (2 dəfə) Afərin ustad?na, hey!… Afərin ustadına! (2 dəfə) E h s a n p a ş a-- Təlxəkdə ki, yox həya üzündə, Lakin çox ağıllıdır sözündə; Tək bircə nəfər gedərsə, bəsdir, Qırat gətirilsə, cəng əbəsdir. B i r i n c i ə y a n-- Çox doğru danışdı burda təlxək, At gəlsə, gələr Koroğlu bişək. İ k i n c i ə y a n-- Atsız yaşamaz Koroğlu bir an, Dönməz o yəqin ki, Qıratından. H ə s ə n x a n-- Hər kimsə Koroğlu səngərindən Qıratı tutub gətirsə, Məndən ənam alacaq, böyük bir ənam. Kimdir, kimdir bu işə verən sərəncam? H ə m z ə b ə y-- Bir şərt ilə mən gedib gətirrəm. H ə s ə n x a n- Qəlbin nəyi istəyirsə verrəm. H ə m z ə b ə y-- Hər əmrin olursa hazıram mən, Qorxmam, gedərəm, Nigarı versən. Müddətdir mən aşiqəm Nigarə, Mən tapmamışam bu dərdə çarə, Hər əmrin olursa hazıram mən, Qırat gələcək, Nigarı versən. H ə s ə n x a n-- Verdim, sözüm üstə durmuşam mən, Toy başlanacaq Qırat gəlirkən. Çağırın Nigarı! Möhtərəm paşa, İndi siz bir baxın o göz, o qaşa. E h s a n p a ş a-- Bəh, bəh, üzündə var bahar, bu qızın; Yolunda can qoymaq yarar bu qızın. Bəh, bəh!… H ə s ə n x a n-- Həmzə bəy özü bir böyük qəhrəman, Qıratın dalınca gedir sabahdan. O səni istəyir, mən də razıyam, Qıratı gətirsə, iş olsun tamam. Mərhəmətli paşa, buyurun gedək, Dostluğumuz üçün kəsək duz-çörək. N i g a r-- Polad, Eyvazı tap, gətir, amandır! Tez ol! P o l a d-- Bu saat. N i g a r-- Tez ol! Əhvalım yamandır. Mən iztirab içindəyəm. (2 dəfə) Nədir bu dərd, nədir bu qəm? Gərək kəsək o əlləri…. Bu həyasız, bu həyasız xanlardan bir gün Azad ola insan, insan, insan! N i g a r ı n a r i y a s ı-- Hanı o günlərim, Səfalı dəmlərim? Yazıq Nigar, yazıq Nigar, Bütün bahar əsir ikən bu evdə sən, Nə sevgi var, nə yar. Yox ahuzarımı eşitdirən yara, Keçirdiyim həyat geçəm kimi qara; Dedim gələr bahar, Olar yanımda yar, O yarımdan məni ayırdı ruzigar. Qəfəsdədir Nigar, Qəfəsdədir Nigar, Nə bir nəfər kömək verən, Nə dindirən, nə rəhm edən, Mənə. Bu eşq, bu məhəbbət, Əsiri-dami-zülmət; Bu dərdü qəm, bu möhnət, Bu ayrılıq, bu firqət, Bütün düşüncə, həsrət, Yazıq Nigara qismət! Eyvaz çıxır. N i g a r-- Eyvaz, amandır, Eyvaz durma, get Rövşənin yanına, Dayanmadan gedib, xəbər ver ona, Keçəl Həmzə gəlir Qır atı çalsın, Əvəzində xandan Nigarı alsın. E y v a z-- Həmin saat yola düşüm, Qanad açıb uçum, gedim. N i g a r, P o l a d, E y v a z-- Zəfər bizim, zəfər bizim olsun, olsun!… PƏRDƏ * * * Üçüncü pərdə X o r-- Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm. Quş keçə bilməz bu səngərlərin üstündən, Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. Qəhrəmanlar yurdu Çənlibel, Basılmaz bir ordu Çənlibel. Məskən saldıq Çənlibeldə, hey…. Əlbir olduq Çənlibeldə, Çənli-çənli, Çənlibeldə, Çənlibeldə hey…. Koroğlu vurdu, yıxdı, qırdı, Tökdü xan-paşaları; Azad etdi yoxsulları, Qurtardı dərddən, qurtardı qəmdən, Dərddən, qəmdən, zalım xanların zülmündən, Zalım xanların zülmündən, hey!… Çənlibel ölkəm, hər yeri möhkəm, möhkəm, Quş ötə bilməz bu səngərlərin üstündən, Qəsd edə bilməz bu yerlərə heç bir düşmən. Qəhrəmanlər yurdu Çənlibel, Basılmaz bir ordu Çənlibel, Çənli bel, Çənli bel…. Məskən saldıq Çənlibeldə, hey…. Düşmən vurduq Çənlibeldə, hey…. Əlbir olduq Çənlibeldə, Çənlibeldə, Çənlibeldə hey…. Koroğlu vurdu, yıxdı, qırdı, Tökdü xan-paşaları, Azad etdi yoxsulları, Qurtardı dərddən, qurtardı qəmdən, Dərddən, qəmdən, zalım xanların zülmündən, Zalım xanların zülmündən, hey!… K o r o ğ l u-- Darmadağın eyləmişəm xanın qoşunlarını, Ölkəsini dağıtmışam, almışam canlarını, Talan edib qoymamışam daş üstündə daşını, Həsən xanlar ala bilməz Kor oğlunun başını. Mərd igidlər nərə çəksin davada…. X o r-- Hey!… Hey!… K o r o ğ l u-- Şikar etsin tərlan kimi havada, Dövran etsin misri qılınc davada, Bağırsaq cəmdəyə dolanmaq gərək. X o r-- Hey…. Hey!… (2 dəfə) K o r o ğ l u-- Dövran etsin misri qılınc davada, Bağırsaq cəmdəyə dolanmaq gərək. Koroğludur içən düşmən qanını, Nərəsindən davalarda tanını. Qırın vəzirlərin, tutun xanını, Leş-leş üstə bir-bir qalanmaq gərək. Qırın vəzirlərin, tutun xanını, Leş-leş üstə bir-bir qalanmaq gərək. X o r-- Koroğlusan, mərd oğlusan, (2 dəfə) Sənsən məzlum xalqın dostu, Xanların qatil düşmanı, Cox sag ol!… K o r o ğ l u-- Xanlarından zülm görmüş ermənilər, gürcülər, Başlayıb üsyana; bizlərdən gəlib yardım dilər. Ermənilər, gürcülər, kürdlər--bu miskin kəndlilər. Mən gətirdim bu camaat yoldaş olsun sizlərə, Xan cəfasından qaçanlar qoy qoşulsun bizlərə. Əlbir olsunlar bu yoxsullar bizimlə bir kərə, Müttəfiq qüvvətlə zərbə endirmək düşmənlərə, Qan içən düşmənlərə, Məhv edən düşmənlərə, Zülm edən düşmənlərə. X o r-- Hər kəs olsa yoxsuldan, Qaçmış olsa bəy-xandan, Gəlsin, hər nə məzlum var, Gəlsin, Çənlibeldə yeri var. Gəlsin, hər nə məzlum var, Gəlsin, Çənlibeldə yeri var, hey!… K o r o ğ l u-- Çənlibeldə zülm olmaz, Burda xan-bəy yaşamaz. Azad olmaq istəyən gəlsin, Rahat olmaq istəyən gəlsin. Azad olmaq istəyən gəlsin, Rahat olmaq istəyən gəlsin. H a m ı-- Burda hər kəs qardaşdır, Bir-birilə yoldaşdır. Böylə bir söz verdik, Əhdi-peyman etdik; Mülkədara qarşı, zülmkara qarşı, Hiyləgərə qarşı saldırmaq, məhv etdirmək. K o r o ğ l u-- Hey … saldırmaq, məhv etdirmək. X o r-- Cümlə mülkədarı, cümlə zülmkarı, Cümlə hiyləkarı məhv etdirmək. H ə m z ə b ə y-- Yandım, allah (2 dəfə) Ver bir içim su…. X o r-- Kimdir bu, kimdir bu? H ə m z ə b ə y-- Mən yazığam, siz mənə rəhm edin, Mən fağıram, siz mənə rəhm edin. Bir kəsim yox, siz mənə rəhm edin. Mənə gəlin rəhm edin, rəhm edin…. X o r-- Rədd ol get! H ə m z ə b ə y-- Yazığam. X o r-- Rədd ol get! H ə m z ə b ə y-- Yazığam. X o r-- Hiyləgər, rəzil adam, rədd ol get! H ə m z ə b ə y-- Yazığam. X o r-- Rədd ol get! H ə m z ə b ə y-- Yazığam. X o r-- Bədsifət, səfil adam. H ə m z ə b ə y-- Mən yazığam, rəhm edin siz mənə, Gəlin mənə rəhm edin bir kərə. Mən fağıram rəhm…. K o r o ğ l u-- Dayan! Kimsən, nəçisən, sənətin nədir? Bura belə gəlməkdə məqsədin nədir? H ə m z ə b ə y-- Sənətim atlara baxmaqdır, Bu yolda çox mahirəm. Xanların zülmündən qaçmışam, Sənə, sənə mailəm. K o r o ğ l u-- Aparın bunu tövləyə, İş görsün orada fəraqət; Hər gün, hər gecə Qıratı Bəslətsin, eyləsin rahət. X o r-- Rövşən, sən əbəs yerə eylədin bunu qəbul, Səndən çıxmayan bir iş, ehtiyatsız bir üsul…. Bəlkə xan tərəfindən gəlmiş olsun bu füzul. K o r o ğ l u-- Cəsus olsaydı əgər, verərdi xəbər Nigar, Bunda olsaydı xətər, Nigar eylərdi xəbər, Gözləyir o yar məni, gözləyir Nigar məni, Düşdü yadıma Nigar, getdi əldən ixtiyar. Sən çək orda min cəfa, Biz görək burda səfa, ax…. Gəl, Nigar!… Sevdim səni mən, ey Nigarım, Rəna gözəlim, şən baharım. Sevdim səni, canan! Lakin zülmükar xan, Xalqın qatil düşməni Əsir etmişdir səni. Ondan müşküldür ayrı düşmək, Lakin çətindir bu görüşmək. Oldum bu yolda mən Öz-özümə düşmən, Ayrı düşdüm səndən, Mən ayrı düşdüm səndən, hey…. Səndən mən, hey…. Səndən mən, hey … səndən mən!… Dönmərəm bu yoldan, Xof etmərəm xandan, Məqsəddən keçmərəm, ölərəm, Keçərəm canımdan. Ölsün düşmən, bu üsyandan Qurtarmasın yaxasın. Dağılsın, kor olsun kainat, Onda nə zövq var, nə həyat. Bu aləm sevgilər, məhəbbət Yaratsın, yaratsın, hey!… Sevdim səni mən, ey Nigarım, Rəna gözəlim, şən baharım. Sevdim səni, yarım, Sənsən mənim canım. Olmaz özgə sevgilim səndən, Ayrı səndən, ayrı səndən, Ayrı dusdum, Nigar!… X o r (baslar)-- Gəlsin düdükçülər, Çıxsın oyunçular, Şadlıq edək bu gün, Həm çənlibelçilər. R ə q s X o r-- Əhdimiz üstə durduq, Burda biz qardaş olduq. Xanlara qarşı üsyan Tədbirini biz qurduq, qurduq, qurduq. H ə m z ə b ə y-- Qırat mənimdir, Yansın Koroğlu, həm Nigar Mənimdir, yansın Kor oğlu, ha, ha, ha…. X o r-- Qırat oğurlandı, Qırat oğurlandı. Alçaq, xain insan. Qırat oğurlanmış, yırtıcı bir heyvan, Yırtıcı, qanmaz heyvan, heç çıxmaz yaddan, Apardı səni insafsız düşman, hey … amansız düşman! Qırat, Qırat, Qırat!… PƏRDƏ * * * Dördüncü pərdə X a n ə n d ə q ı z-- Saqi, benure-bade bərəfruz came-ma (2 dəfə) Mütrüb, be gu ke, kare-cahan şod bekame-ma. (2 dəfə) Bekame-ma … aman ey … aman ey … Q ı z l a r x o r u-- Yarım hey … yarım ey …. X a n ə n d ə q ı z-- Aman ey … aman, aman, bekame-ma, bekame-ma. Q ı z l a r x o r u-- Əhsən qara saçlara, qara qaşlara, Qara gözlərə, qara xallara. Məcnun kimi yar məni saldı çöllərə, Saldı dillərə, yaman hallara, yaman hallara. (2 dəfə) X a n ə n d ə q ı z-- Ma dər piyale əkse-ruxi-yar dideim, Ey bixəbər ze ləzzəte-şurbe-modame-ma. Aman ey, aman ey, aman ey…. Yarım ey, yarım ey, aman ey, aman…. Modame-ma, modame-ma. Q ı z l a r x o r u-- Əhsən qara saçlara, qara qaşlara, Qara gözlərə, qara xallara. Məcnun kimi yar məni saldı çöllərə, Saldı dillərə, yaman hallara, yaman hallara. R ə q s. Q ı z l a r x o r u-- Gözəl xanım, sən mənim canım, naz eyləmə. Bizimlə sən bir şirin söhbət-saz elə, Kərəm qıl gəl, lütfünü bizdən az eləmə, Sən bir gülsən, gəl xəzanimi yaz elə, Naz elə, bala, saz elə, bala, yaz elə, bala, hey!… R ə q s. K o r o ğ l u n u n çıxışı. H ə s ə n x a n-- Bu kimdir, nəçidir? E h s a n p a ş a-- Aşığa bənzəyir. H ə s ə n x a n-- İzinsiz girdin sən tez içəri, Səlam vermədin nədən ötəri? K o r o ğ l u-- Səlam verdim, səlamım almadılar, Səlam kəssin bəyi də, ya xanı da. H ə s ə n x a n-- Aşıqsansa əgər, hünərini göstər. K o r o ğ l u-- Göstərim, izin verin. Çünki oldun dəyirmançı, Çağır gəlsin dən, Koroglu. Balam hey!… Səni gördüm, aşiq oldum, Dərdə saldın canımı. Ala gözlər, dadlı sözlər, Qara qaşlar, işvə-nazlar…. Can alan yar tökdü nahaq qanımı, Nədir əmrin, tacidarım, sərvərim?… Nazlı yarım, gülüzarım, işvəkarım, hey…. Nədir əmrin, qəddi rəna dilbərim! Gecə-gündüz ayrılıqdan Yandım hicran dərdinə. Səni görsəm, nazlı yarım, Gedər əldən ixtiyarım. Səni görsəm, gülüzarım, İftixarım, nazlı dilbərim, hey…. Gərək aşiq yar yolunda Qalmasın can dərdinə. Ala gözlər, dadlı sözlər, Qara qaşlar, işvə nazlar…. Can alan yar tökdü nahaq qanımı. Nədir əmrin, tacidarım, sərvərim? Nazlı yarım, gülüzarım, işvəkarım, hey…. Nədir əmrin, qəddi rəna dilbərim?… Gecə-gunduz hey!… Gecə-gündüz ayrılıqdan yandım hicran oduna. Geçə-gündüz ayrılıqdan yandım hicran oduna. Səni görsəm, nazlı yarım, Gedər əldən ixtiyarım. Səni görsəm, gülüzarım, İftixarım, nazlı dilbərim, hey…. Gərək aşiq yar yolunda Qalmasın can dərdinə. Ala gözlər, dadlı sözlər, Qara qaşlar, işvə nazlar…. Can alan yar tökdü nahaq qanımı, Nədir əmrin, tacidarım, sərvərim? Nazlı yarım, gülüzarım, işvəkarım, hey…. Nədir əmrin, qəddi rəna dilbərim?… H a m ı-- Afərin! H ə s ə n x a n-- Aşıq olmağına aşıqdır. E h s a n p a ş a-- Aşıq olmağına aşıqdır. X o r-- Qəzəlləmə söylə! K o r o ğ l u-- Koroğlunun Qıratını gözəllərəm mən çox (kənara) Görüm Qırat burdadır, ya yox! H ə s ə n x a n-- Koroğlunu tanıyırsan? K o r o ğ l u-- Tanıyıram! H ə s ə n x a n-- Qıratını tanıyırsan? K o r o ğ l u-- Tanıyıram! H ə s ə n x a n-- Sən indi ki, tanıyırsan, Bir gözəlləmə söylə, söylə! K o r o ğ l u-- Eşitsin xanlar, paşalar, Eşitsin bəylər, ağalar, Eşitsin xanlar, paşalar, Eşitsin bəylər, ağalar, Eşitsin arif atalar, Eşitsin şənin Qıratın (2 dəfə) Eşitsin şənin (2 dəfə) Eşitsin şənin Qıratın. Qanadlı quşdur, at deyil, Bir ildırımdır elə bil. Yeri, yatağı, oynağı Çənlibeldir Qıratın. Çənlibeldir, (2 dəfə) Çənlibeldir Qıratın. H ə s ə n x a n-- Aşıq, tərifini etdiyin Qırat, Koroğludan bizə edilib sovqat. Neçə gündür ki, at tolamda yatır, Yeyir, içir və şıllaq atır, ha, ha, ha…. K o r o ğ l u-- Ola bilməz bu iş, sən aldanmısan, Ayrı düşməz Qırat çün Koroğludan. H ə s ə n x a n-- Polad, Qıratı get çıxar toladan, Onda görək, kimdir adam aldadan? Aldatmış olsa məni Həmzə, Bəlkə, doğratdıraram onu tikə-tikə. E h s a n p a ş a-- Aşıq, bir şikəstə! K o r o ğ l u-- Oxuram, baş üstə, baş üstə! Ç a l ı r. Nazlı yarım, vəslə çatdım. Keçdi hicran günləri. Aşiqəm mən, kuyi-dilbər, Vəsli-canan istərəm. Vəsli-canan, dərdi-hicran, (2 dəfə) Zülfü reyhan, qəlbi viran, Dil pərişan günləri. II Bir qanadsız bülbüləm mən, Dərdə düşmüş sünbüləm. Aşiqəm mən, kuyi-dilbər, Vəsli-canan istərəm, Vəsli-canan, vəsli-canan, Dərdi-hicran, vəsli canan, Zülfü reyhan, qəlbi viran, Dil pərişan günləri. X o r-- Yaxşı, yaxşı, bağla qolların. Möhkəm örtün qaçmaq yolların. Hər nə var silahını alın, Xəncərinin gordasın salın. Alın onun bütün malın. Yanında beş nəfər qalın. H ə s ə n x a n-- Axtarırdım səni göydə, yerdə düşdün əlimə. Əmr edərəm doğrasınlar səni dilim-dilimə. Səfil rəiyyət, rəzil kəndli, Yox eylərəm sizi, qırram, Bu kimi xain əgər min olsa, Minin də boynunu vurram. Koroğlu, Koroğlu, Koroqlu, Ha, ha, ha, ha…. (2 dəfə) Onu sən bil ki, mən məmləkətin xanıyam, Mənə kəc baxsa gər, kəndlinin düşmanıyam. Verə bilməz mənim keyfimə heç bir məlal, Nə Koroğlu, nə Koroğlu, nə şil oğlu, nə lal. Axtarırdım səni göydə, yerdə düşdün əlimə, Əmr edərəm doğrasınlar səni dilim-dilimə. Ə y a n l a r-- Afərin, Həmzə bəy! Sözlərin doğru çıxdı, afərin! Rədd olar, məhv olar, bir kərə Başımızdan bu bəla. H ə s ə n x a n-- Nigarı verdim sənə mən, Həmzə, Nigar sənindir, al, Halal malındır. Nigar gözəldir, ədası qəmzə, Nigar sənindir, Al, o yar sənindir. H a m ı-- Nigar gözəldir, ədası qəmzə, Nigar sənindir, al, Nigar sənindir, al. Sevgili, nazlı dilbərim, Gəlsin Nigar, tez gəlsin Nigar, Tez gəlsin Nigar. N i g a r-- Ax … bu nə müsibət! K o r o ğ l u-- Elədin xəyanət! H ə s ə n x a n-- Nigar, Həmzə bəyin göstərdiyi şanlı rəşadət, Bizi şad eylədi, verdi sənə fəxri səadət. T ə l x ə k (daxil olur)-- Nay, nay, nay!… Mən demədim bəsdir ona bir nəfər?! Getsə kifayətdir Ömər ya Səfər; Mən deyən oldu yenə də müxtəsər, Bəxtəvərəm, bəxtəvərəm, bəxtəvər. İstədilər göndərələr üstünə on min pələng, Mənsə dedim bəsdir ona getsə keçəl Həmzə bəy. F ə r r a ş-- Xan sağ olsun! Mahaldan gətirdilər bir nəfər, Bizlərdən Koroğluya aparırmış xəbərlər. H ə s ə n x a n-- Kim göndərirmiş onu? F ə r r a ş-- Əsla deməz, gizlədir, Nə qədri versən əzab, Ölsə də dinmir, demir. N i g a r-- Ah!… H ə s ə n x a n-- Səni kim göndərib, de görüm, alçaq?! E y v a z-- Vurun, öldürün, demərəm ancaq. H ə s ə n x a n-- Cəlladı çağırın. N i g a r-- Qoyun mən deyim, Kimin göndərdiyin sizə söyləyim. H ə s ə n x a n-- Kim imiş göndərən? N i g a r-- Göndərən mənəm. Bunu anlayın, mən sizə düşmənəm! H a m ı-- Belə bəs, belə bəs, belə, belə!… N i g a r-- Bir görün, mən sizə nə deyəcəyəm hələ. Bir yığın zülmkar, bir yığın cəllad, Təsir etməz sizə bu qədər fəryad, (2 dəfə) Sərxoş etmiş sizi zülmün nəşəsi. Narahat eyləməz məzlum naləsi. (2 dəfə) Bir gün gələcəkdir intiqam günü, Kəsəcək zalimin başının üstünü. Bu gün əzilənlər əzər sizləri, Xan zülmündən qurtararlar bizləri, Qurtararlar bizləri! Ə y a n l a r-- Rədd edilsin, məhv edilsin, öldürülsün xainə, Qoy cəza görsün, xəyanət eyləmişdir xaninə! H ə m z ə-- Ax! Qəlbimdəki məhəbbət Döndü, oldu bir nifrət ol xainə! Ə y a n l a r-- Ay tutun, qoymayın! (5 dəfə) H ə s ə n x a n-- Ay tutun, qoymayın, tez Koroğlunu, Tez tutun, qoymayın, öldürün onu! X o r-- Ay tutun, qoymayın! (5 dəfə) Ay tutun, qoymayın, tez Koroğlunu, Tez tutun, qoymayın, öldürün onu! İ b r a h i m x a n-- Xan sağ olsun! Polad verdi Qıratı, Mindirib Koroğlunu, tez qaçırtdı. H ə s ə n x a n-- Bu üç xainin də kəsilsin başı! H a m ı-- Cəzaya verilsin qohumu, qardaşı! N i g a r, P o l a d, E y v a z--Koroglu sag olsun!… PƏRDƏ * * * Beşinci pərdə B i r i n c i c a r ç ı-- Ya əyuhənnas! Ya əyuhənnas! Bu gün meydanda kəsilir üç baş! İ k i n c i c a r ç ı-- Ya əyuhənnas! Ya əyuhənnas! Bu gün meydanda kəsilir üç baş! Ü ç ü n c ü c a r ç ı-- Ya əyuhənnas! Ya əyuhənnas! Bu gün meydanda kəsilir üç baş! X o r-- Gündə-gündə baş kəsilməz, Xanlar qandan doymaq bilməz! Rədd olsun, batsın zalım xan! Rədd olsun bəy, rədd olsun xan! Rədd olsun bəy, rədd olsun xan! Ə y a n l a r-- Olsa xain xana hər kəs-- Ya ölüm var, ya da məhbəs. Məhv edilsinlər. X o r-- Gündə bir baş, gündə bir qan, Qatil insan, zalım insanlar. Rəiyyət təngə gəldi, Məhv edildi, talan edildi. Ə y a n l a r-- Olsa xain xana hər kəs-- Ya ölüm var, ya da məhbəs. Bir də sizdən çıxmasın səs, Oğru bidinlər! X o r-- Gündə bir baş, gündə bir qan, Qatil insan, vəhşi insan. Bu rəiyyət təngə gəldi, Məhv edildi, talan edildi. Ə y a n l a r-- Gətirin o məlunları, Vurulsun boyunları! Qəzəbdir tutan onları, cəzalansınlar! X o r-- Gəl rəhm et, ey xan, bu cavanlara, Rəhm et bunlara, öldürmə! Gəl rəhm et, ey xan, sən rəhm eylə, Gəl rəhm et bunlara, öldürmə! (2 dəfə) Ə y a n l a r-- Etsə hər kəs xana üsyan, Məhv edilsin, vəssalam! X o r-- Bir gün olsun kütlə çoşsun, Sizdən alsın intiqam. E h s a n p a ş a-- Bu gündən bircə insan Xana qarşı etsə üsyan, Ya ölüm var, ya da zindan! Əfv edilməz xain insan! Verməriz biz bir də fürsət Çıxsın üsyanlar, Xəyanətpərvər insanlar, Bu yolsuz, oğru nadanlar, Bu cahil, bu qudurğanlar, Kəsilsin, məhv olunsunlar! Xəyanət çıxsa bir kəsdən, Əlindən, ya dilindən, Məhv edilsin, məhv edilsin, məhv edilsinlər! Ə y a n l a r-- Etsə hər kəs xana üsyan, Məhv edilsin, vəssalam! X o r-- Bir gün olsun, kütlə coşsun, Sizdən alsın intiqam. İ b r a h i m x a n-- Bu gündən bircə insan Xana qarşı etsə üsyan, Ya ölüm var, ya da zindan! Əfv edilməz xain insan! Verməriz biz bir də fürsət Çıxsın üsyanlar, Xəyanətpərvər insanlar, Bu yolsuz, oğru nadanlar, Bu cahil, bu qudurğanlar, Kəsilsin, məhv olunsunlar! Xəyanət çıxsa bir kəsdən, Əlindən, ya dilindən, Məhv edilsin, məhv edilsin, məhv edilsinlər! Ə y a n l a r-- Olsa xain xana hər kəs-- Ya ölüm var, ya da məhbəs, məhv edilsinlər! X o r-- Gündə bir baş, gündə bir qan! H ə s ə n x a n-- Etməsinlər bir də üsyan! X o r-- Bu rəiyyət təngə gəldi, Məhv edildi, talan oldu. Zalım, zalım, qatil xanlar, Vəhşi xanlar, qanlı xanlar! H ə s ə n x a n-- Sənə mən əmr edirəm, İbrahim xan, Bu saatda gərək boşalsın meydan! Gedib camaatı qovun hər nə var, Düzəltsin qoşunlar poladdan hasar! Divani-ədalət qurulsun bu gün! Boynu vurulsun xainlərin bu gün! Əvvəlcə Nigarın başı kəsilsin, Xanın ədalətin aləm bilsin! X o r-- Zalım, zalım, zalım, qatil xanlar, Vəhşi xanlar, qanlı xanlar! İ b r a h i m x a n-- Cəllad başı, tez ol, hökmü et icra, Ən əvvəl bu işi Nigardan başla! Q ı z l a r x o r u-- Ax … yazıq, bədbəxt Nigar! Nigar, Nigar, Nigar! Onu apardılar başını kəsməyə! Afərin! Afərin! Öldür, öldür, öldür, öldür, Qoy düşmən ölsün, qoy düşmən ölsün! Ölsün, ölsün, ölsün, ölsün, ölsün! X o r-- Zəfər bizimdir, Nigarı etdin xilas! K o r o ğ l u-- Sevimlim, sevgilim, ayrı düşdün məndən, Ax, Nigarım, gülüzarım, Qanlı düşmən eylədi qəsd, İntiqamın alsın səndən, Uçmuşam quş kimi, özümü yetirdim. N i g a r-- Bu xalqı sən eylədin azad, azad, Xalqa sən olmusan ən əziz qəhrəman, qəhrəman! K o r o ğ l u-- Məni yaşatdı, məni böyütdü Bu qəhrəman xalqım mənim! Yaşa!… R ə q s. X o r-- Nə şənli, şənli bayram, Nə şənli əyyam, yaşa, yaşa!… Koroğlu qəhrəman, qəhrəman!… SON * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-koroglu İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.