Leyli və Məcnun Üzeyir Hacıbəyov (1885–1948) Leyli və Məcnun 4 PƏRDƏ 6 ŞƏKİLLİ OPERA İŞTİRAK EDİRLƏR M ə c n u n (Q e y s)--məşhur cavan ərəb. Ə b ü l-Q e y s--Məcnunun atası. Ü m m ü l-Q e y s--Məcnunun anası. L e y l i--Məcnunun sevgilisi. F ə t t a h--Leylinin atası. Ü m m ü l-Leyli--Leylinin anası. İ b n-S ə l a m--dövlətli ərəb. N o f ə l--sərkərdə. Z e y d--Məcnunun dostu. B i r i n c i ə r ə b. İ k i n c i ə r ə b. Ü ç ü n c ü ə r ə b. D ö r d ü n c ü ə r ə b. B e ş i n c i ə r ə b. A l t ı n c ı ə r ə b. Y e d d i n c i ə r ə b. Ə r ə b l ə r, d ö y ü ş ç ü l ə r, u ş a q l a r. * * * Birinci pərdə Vaqe olur məktəbdən kənarə bir ç ə m ə n d ə. M ə c n u n bir kənarda durub, L e y l i n i n yolunu gözləyir. Pərdədən qabaq musiqi çalınır, xor və cəmi əhli-məclis "Şəbi-hicran" havası oxuyurlar. (M u s i q i) H a m ı (xor)-- Şəbi-hicran yanar canım,(2 dəfə) Tökər qan çeşmi-giryanım, (2 dəfə) Oyadar xalqı əfqanım, (1 dəfə) Qara bəxtim oyanmazmı?! (2 dəfə) (M u s i q i) Güli-rüxsarına qarşu (2 dəfə) Gözümdən qanlı axar su, (2 dəfə) Həbibim, fəsli-güldür bu, (1 dəfə) Axar sular bulanmazmı?! (2 dəfə) PƏRDƏ (Hamı dağılır, Məcnun qalır) M u s i q i: mahur-hindi. M ə c n u n-- Yandı canım hicr ilə, vəsli-rüxi-yar istərəm, Dərdməndi-firqətəm, dərmani-didar istərəm. Bülbüli-zarəm, deyil bihudə əfqan etdiyim, Qalmışam nalan qəfəs qeydində, gülzar istərəm. L e y l i (gəlir, mahur-hindi üstə)-- Eşq daminə giriftar olalı zar olubam, Nə bəladır ki, ona böylə giriftar olubam. Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil, Öylə kim, arizeyi-hicr ilə bimar olubam. (Musiqi şikəsteyi-fars çalır, M ə c n u n L e y l i y ə yavuqlaşıb oxuyur). M ə c n u n-- Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı, Sayə tək bir yerdə durmağa qərarım qalmadı. Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi, Şükr kim, məqsudə yetdim, intizarım qalmadı. L e y l i-- Dili-zarimdə nə kim, var bilirsən, bilirəm, Yar, hali-dilimi zar bilirsən, bilirəm, Mən, nə hacət ki, qılım şərh sənə hali-dilim, Dili-zarimdə nə kim, var bilirsən, bilirəm, (M u s i q i: təsnif) L e y l i v ə M ə c n u n (bir yerdə)-- Ah eylədiyim sərvi-xuramanın üçündür, (2 dəfə) Qan ağladığım qönçeyi-xəndanın üçündür. (2 dəfə) Sərgəştəliyim kakili-mücganın ucundan, (1 dəfə) Aşüftəliyim zülfi-pərişanın üçündür. (1 dəfə) (M u s i q i: segah) M ə c n u n-- Payibənd oldum səri-zülfi-pərişanın görüb, Nitqdən düşdüm ləbi-ləli-dirəxşanın görüb. Oda yandım şəmvəş canım baxıb rüxsarına, Çərxə çəkdim dudi-dil sərvi-xuramanın görüb. L e y l i-- Könlüm açılır zülfi-pərişanını görcək, Nitqim tutulur qönçeyi-xəndanını görcək. Baxdıqca sənə qan saçılır didələrimdən, Bağrım dəlinir navəki-mücganını görcək. (M u s i q i: segah) M ə c n u n-- Qəddin həlakiyəm, düşə bilməm əyaqinə, Bir eşqə düşmüşəm ki, bulunmaz nəhayəti. Bildim təriqi-eşq xətərnakdır, vəli Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti. L e y l i-- Ey hər təkəllümüm xəti-səbzin hekayəti, Virdim həmişə məshəfi-rüxsarın ayəti, Mən kim, səni görəndə gedir əldən ixtiyar, Gəlməz bəyanə möhnəti-eşqin şikayəti, (Bu halda q ı z l a r L e y l i y ə tərəf gəlib oxuyurlar). (M u s i q i) Q ı z l a r-- Nagah olur, Leyli, atan agah (2 dəfə) Kim, qeyrilə aşina olubsan, ay Leyli! (2 dəfə) (M u s i q i) Layiq deyil, Leyli, sənə bu üslub, (2 dəfə) Yaxşı nəzər eyləsən yamandır, Leyli! (2 dəfə) (M u s i q i) (L e y l i n i aparırlar, M ə c n u n tək qalıb, bikef oturur. Bu halda M ə c n u n u n a t a s ı gəlir). M ə c n u n u n a t a s ı (çahargah üstə)-- Ey bülbüli-bustani-bidad! Hali-dilini mənə bəyan et, Əsrari-nəhanini əyan et. Kim aldı əlindən ixtiyarın? Kim eylədi tirə ruzigarın? Nə seyrdəsən, sənə tələb nə? Bu naleyi-zarinə səbəb nə? Dəryadə isə sənə düri-kam, Sən söylə, mən eyləyim sərəncam. (M u s i q i: çahargah) M ə c n u n-- Ey piri-şikəstə hali-naşad, Tanrıyçün əlimdən eyləmə dad. Demə ki, nədir bu macəralar, Səndən mənə yetdi bu bəlalar. Mən bilməz idim qəmi-cahanı, Təşvişi-zəminü asimanı. Bilməzlik ilə xoş idi halım, Nə hüsnü, nə eşq idi xəyalım. (M ə c n u n u n a n a s ı gəlir və müxalif üstə oxuyur) M ə c n u n u n a n a s ı-- Ey rahəti-canü nuri-didə! Fərzəndi-yeganeyi-güzidə! Sən sərvsən, olmagil giranbar! Azad ola gör, nə kim giriftar! Sən ləlsən, olmagil səbüksəng, Döndərmə günəş görüb rəvan rəng! Bizdən bu nəsihəti qəbul et! Hər ləhzə bizi, yetər, məlul et! M ə c n u n-- Ey ruhi-rəvanım ata, ana! Kami-dilü canım ata, ana! Bildim bu işi özümə layiq, Leyli sənəmə mən oldum aşiq. Sonra olubam bu işdən agah, Amma nə deyim, nə söyləyim? Ah! Yoxdur bu işimdə ixtiyarım, (Çahargaha enir) Əql oldu zəifü, eşq ğalib, Xatir nigəran, nigari cazib. A t a s ı (çahargah üstə)-- Can vermə ğəmi-eşqə ki, eşq afəti-candır. Eşq afəti-can olduğu məşhuri-cahandır. Yaxşı görünür surəti məhvəşlərin, əmma Yaxşı nəzər etdikdə sərəncamı yamandır. Eşq içrə əzab olduğun ondan bilirəm kim, Hər kimsə ki, aşiqdir işi ahü fəğandır. (M u s i q i: təsnif) A t a s ı-- Durun gedək evimizə! (2 dəfə) A n a s ı-- Qeysim, Qeysim!… (1 dəfə) M ə c n u n-- Ata, ana, eşqin həvası Məni məcnun edəcəkdir, Məni məcnun edəcəkdir!… (M u s i q i) A t a s ı-- Mən sənə Leylini gedib, alıb istərəm, (2 dəfə) A n a s ı-- Oglum, oglum!… (1 dəfə) M ə c n u n-- Ata, ana, eşqin həvası Məni məcnun edəcəkdir, Məni məcnun edəcəkdir. (M u s i q i) PƏRDƏ * * * İkinci pərdə Vaqe olur L e y l i n i n evində. L e y l i v ə a n a s ı oturubdurlar. Pərdə qalxmazdan qabaq musiqi (səmayi-şəms) çalınır; pərdə qalxır, Leylinin anası oxuyur. L e y l i n i n a n a s ı-- Ey şux! Nədir bu göftügülər? Qılmaq sənə tənə eybculər? Nəyçün özünə ziyan edirsən? Yaxşı adını yaman edirsən? (M u s i q i) Derlər səni eşqə mübtəlasən, Biganələr ilə aşinasən. L e y l i-- Ey munisi-ruzigarım, ana! Dürgi-düri-şahvarım ana! (M u s i q i) Sözlər dersən ki, bilməzəm mən, Məzmununu fəhm qılmazam mən. L e y l i n i n a n a s ı-- Sən hardanü eşq zövqü hardan? Sən hardanü dust zövqü hardan? (M u s i q i) Oğlan əcəb olmaz olsa aşiq, Aşiqlik işi qıza nə layiq? L e y l i-- Dersən məşuqü eşqü aşiq, Mən sadə ürək tifli-sadiq; Bilməm nədir ol hədisə məzmun? Söylə! Necə olmayım digərgun? L e y l i n i n a n a s ı-- Neylərsən əgər atan eşitsə, Qəhr ilə sənə siyasət etsə? (M u s i q i) Minbəd gəl eylə tərki-məktəb. Bil əbcədini həmin cədü əb. (M u s i q i) Gərçi adın oda dildə məzkur, Görmək səni ola ğeyri-məqdur. L e y l i-- Mən məktəbə rəyim ilə getməm, Bir şüğli xilafi-rəyin etməm. Billah, mənə həm bu idi məqsud, Məktəbdə olurmu tifl xoşnud? Artıq bu sözü mükərrər etmə, Lütf eylə, məni mükəddər etmə! (M u s i q i) (Şur çalınır. Qapı döyülür. L e y l i a n a s ı i l ə durub o biri qapıdan çıxırlar. L e y l i n i n a t a s ı gəlib qapını açır. M ə c n u n u n a t a s ı və bir neçə ərəb gəlirlər. L e y l i n i n a t a s ı onlara oturmağı təklif edir. M ə c n u n u n a t a s ı onlara müraciət edib oxuyur). M ə c n u n u n a t a s ı (şur üstə) -- Ey qədrlə qibleyi-qəbait! Əslü nəsəbim sənə əyandır, Hökmüm neçə min evə rəvandır. Məşhuri-qəbailəm səxadə, Mərufi-təvaifam ətadə. Nəxli-əməlim səmər veribdir, İyzəd mənə bir gühər veribdir. Hala dilərəm bu türfə lölu, Bir ləl ilə ola həmtərazu. Lütf eylə, inayətü kərəm qıl! Ol ləl ilə dürrü möhtərəm qıl! L e y l i n i n a t a s ı (şur üstə)-- Ey qovm içində bir xirədmənd! Mən kimi əsiri-dami-fərzənd! Müşgülcə xitabdır xitabın, Bilməm necə verəyim cavabın. Qürbün, bilirəm, mənə şərəfdir, Əmma xələfin əcəb xələfdir. "Məcnun"--deyə tən edir xəlayiq, Məcnuna mənim qızım nə layiq?! (M u s i q i) X o r--Ərəblər (təsnif üstə) Ey ərəb, bizləri məyus etmə! Vergilən Leylini Qeysə getsin. Q e y s-- Maldan da, candan da, puldan da, Maldan da, candan da, puldan da, Hamıdan artıqdır, bil bunu, ərəb Bil bunu, ərəb! (M u s i q i) L e y l i n i n a t a s ı-- Xeyr, vermərəm, vermərəm, vermərəm! Vermərəm, vermərəm, vermərəm! Leyliyə yaraşmaz divana oğlan, Divanə oğlan! (M u s i q i: kurd-şahnaz) Ərəblər əl ilə, göz ilə L e y l i n i n a t a s ı n ı rağib etmək istəyirlər. M ə c n u n-- Ya rəbb! Bəlayi-eşq ilə qıl mübtəla məni, Bir dəm bəlayi-eşqdən etmə cida məni. Az eyləmə inayətini əhli-dərddən, Yəni ki, çox bəlalara qıl mübtəla məni. (Qonaqlar gedirlər, musiqi yenə şur çalır.) L e y l i n i n a t a s ı (təkcə)-- Nəsl ilə olur bəqayi-insan, Nəzmi-bəşərü nizami-dövran. Can cövhərinə bədəldir övlad; Övlad qoyan, qoyur həmin ad. Xoş ol ki, xələfdən ola xoşdil, Dünyada bir oğlu ola qabil. Ah, olsa əgər səfihü sərkəş, Ətvari kərihü xülqi naxoş, Təşni oxuna olub nişanə, Bizar ola ondan ata-anə. (Qapı döyülür, L e y l i n i n a t a s ı qapını açır. İ b n-S ə l a m ilə bir neçə ərəb daxil olub oxuyurlar). (M u s i q i) Ə r ə b l ə r-- Ali-cahani bilib, gəlmişik ziyarətə, Bir əmri edib izhar, əncamın alaq səndən, Əncamın alaq səndən. (M u s i q i) L e y l i n i n a t a s ı-- Xoş gəldiz, səfa gəldiz, məni siz uca etdiz, Hər əmrə varam hazır, mümkündürsə əlaci, Mümkündürsə əlaci. (M u s i q i) Ə r ə b l ə r-- Bu oğlan İbn-Səlam, hər cahi-cəlali çox. Əmma ki, onun, heyfa, həmdərdi-həmsirri yox, Həmdərdi-həmsirri yox. (M u s i q i) Ə r ə b l ə r-- Bilmişdir sənin vardır ismətli gözəl qızın, İstər kim, ola sənlə həm qom, həm dost, həm aşina. Həm qom, həm dost, həm aşina. (M u s i q i) L e y l i n i n a t a s ı-- Ey tayifeyi-nəcib, mən bu təklifə şadam. Xudavəndin əmrilə verdim Leylini getsin, İbn-Səlamın olsun. Ə r ə b l ə r (İbn-Səlama)-- İbn-Səlam, ilahi Səni xoşbəxt eyləsin! (M u s i q i) İ b n-S ə l a m-- İmdi sən mənə oldun ata-anadan əziz, Allah qoysa, mən də ollam sənə oğul yerində, Sənə oğul yerində. Ə r ə b l ə r-- İndi biz gedək toy üçün tədarükə başlayaq, Tədarükə başlayaq. (H a m ı gedir. L e y l i çıxıb qatar oxuyur.) L e y l i-- Xilafi-rəyim ilə, ey fələk, mədar etdin, Məni gül istər ikən mübtəlayi-xar etdin…. PƏRDƏ * * * Üçüncü pərdə Vaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ə c n u n dəli sifətində çıxır, başıaçıq, ayaqyalın və s. (oxuyur). (M u s i q i) M ə c n u n-- Fəzayi-eşqi ta gördüm, səlahi-əqldən durəm, Məni rüsva görüb, eyb etmə, ey naseh ki, məzurəm. Əgər çaki-giriban eyləsəm, mən etməyin, çün mən Mətai-nəngdən arəm, libasi-ardən urəm. Mənu səhrayi-vəhşət mənzil etməm afiyət güncün, Əsiri-dami-zülmət olmazam, çün talibi-nurəm. Bəlayi-eşqü dərdi-dust tərkin qılmazam, zahid, Məni rəyimlə sanmın, eşq sultaninə məmurəm. (M ə c n u n oxuduqca dağ tərəfindən əks-səda gəlir.) (M u s i q i: bayatı-kürd) (M ə c n u n dağa üz tutub oxuyur.) Ey guşənişini-pakdamən! Suzi-cikərimdən oldun agah, Əhsən-tü əhsən-tü, barəkallah! Sənsən mənə həmdəmü müvafiq, Birdəm qoşalım səda sədayə, Gəl ağlayalım bu macərayə. (M u s i q i) Q ı z l a r (pərdə dalından)-- Bu gələn yara bənzər, Telləri qara bənzər. Oğlan, oğlan, bir bəri bax, bəri bax, bəri bax!… Qoşa xal var üzündə…. Allana-sallana telləri var, Xırdaca-xırdaca gözləri var, Gəl, Leyli, bala, gəl, Leyli! Gedək gəzək bu bağda. Gül açılıb, bülbül oxur, Gül açılıb, bülbül oxur, Gul acılıb, bulbul oxur!… (M ə c n u n L e y l i n i və L e y l i M ə c n u n u görüb, bir-birinin üstünə yüyürüb bərk qucaqlaşırlar. Bir-iki saniyə sonra işıq keçir, qaranlıqda q i z l a r L e y l i n i aparırlar, M ə c n u n tək qalır). (M u s i q i: rast) (M ə c n u n u n a t a s ı n ı n səsi gəlir və sonra özü də səhnəyə çıxır və M ə c n u n u tapır). M ə c n u n u n a t a s ı-- Ey cövhəri-canımın həvası, Ey dideyi-bəxtimin ziyası! Səndən nə rəva bu macəralər, Sərmayeyi-eyb olan sədalər. Derdim olasan mənim pənahım, Fəxrim, şərəfim, ümidgahım. Vəhşilər ilə nədir bu birlik? İnsan ilə xoş deyilmi dirlik. Rəhm et məni-zarü namuradə, Qoyma bu məşəqqətü bəladə. M ə c n u n-- Söylə görüm, ey mənə verən pənd, Danayi-süxən və ru xirədmənd. Kimsən və nədir bu küftükulər? Bifaidə batil arizulər. Get! Dərdimə sən dəva deyilsən, Biganəsən, aşina deyilsən. Mən böylə kəlamə tutmazam guş, Leyli sözü söylə, yoxsa xamuş! (Bu halda bir neçə ərəb gəlib keçərkən bu macəranı görüb, M ə c n u n u n a t a s ı n d a n soruşurlar). (M u s i q i; təsnif) Ə r ə b l ə r-- Söylə bir görək, ərəb, bu cavan nədən xəstə, (2 dəfə) Bəlkə bizdə bu dərdin davası tapıla kaş…. Davası tapıla kaş, davası tapıla kaş…. Ey, biz də dünya görmüş adamız, (2 dəfə) Xəstələrə dava edəriz. İnsan başına ələni bilmək gərək. (2 dəfə) (M u s i q i) M ə c n u n u n a t a s ı-- Allahın bəndələri, bu mənim fərzəndimdir, (2 dəfə) Eşqdir bunun dərdi, olub bir qıza aşiq, Leyliyə budur aşiq! (2 dəfə) Ey, hər təbibə getdim, söylədim, Dərdi-eşqə əlac istədim. Min cürə dəva verdilər, kar etmədi…. (2 dəfə) (M u s i q i) Ə r ə b l ə r-- Ey pir, bunun dərdinə əlac bircə şey var, (2 dəfə) Kəbəyə aparasan, həcəri görə bəlkə. Həcəri görə bəlkə, Dərdindən ola azad, Ey, səcdə qılsın Kəbəyə oğlan, (2 dəfə) Sən də üz tut dərgahi-ilahə, Qılgilən münacat, dilə bir əlac. (2 dəfə) (M u s i q i: əraq) M ə c n u n-- Eşq dərdi, ey müalic, qabili-dərman deyil! Cövhərindən eyləmək cismi cida asan deyil! Dövr cövründən şikayət edənə aşiq demə, Eşq məsti vaqifi-keyfiyyəti-dövran deyil! Canı canan ittihadi fariq eylər cismdən, Cismdən agah olan can vasili-canan deyil! (M u s i q i: heyratı; N o f ə l qoşunu ilə gəlir; bunları görüb oxuyur.) N o f ə l-- Ey xəstə, nədir bu çəkdiyin zəhmətü rənc, Viranədə zaye etdiyin dürü gənc?! Vəhşi nə bilir sənin məqamın? (2 dəfə) Hal əhlisən, istə, əhli-hali etsin əlac, Hal əhlisən, istə, tapasan şəfa. Ə r ə b l ə r h a m ı s ı-- Bu oğlan aşiqdir (M u s i q i) Leyli adlı bir gözələ. Əmma bəxti yar olmaz; Atası qızı verməz. Bu da qızın eşqindən olmuş divanə, (2 dəfə) Əl çəkib dünyadan, ata-anadan qaçıbdır. Əl çəkib dünyadan, məcnun olubdur. (M u s i q i) N o f ə l-- Ey cavan, bildim dərdini sənin, bəladır, Əmma ümidini kəsmə, allah kərimdir. Mən cəhd eylərəm, Leylini sənə alaram, Qızıl istəsələr, qızıl bəxş eylərəm. Yoxsa qılıncımın zoru ilə alaram. (M u s i q i) (N o f ə l kağız yazıb göndərir.) M ə c n u n (Kabili üstə)-- Şükr eylərəm, ey yeganeyi-əhd! Tədbirimə çoxlar etdilər cəhd. Səndə, bilirəm ki, lütf çoxdur, Nə sud ki, məndə bəxt yoxdur. Bəxtim, bilirəm, mənim yamandır, Sud istədiyin mənə ziyandır. Ə r ə b l ə r-- Ey Nofəl, məlumdur, səndə şücaət çoxdur, Əmma ki, Məcnunun bəxti, taleyi yoxdur. M ə c n u n-- Bəxtim, taleyim yoxdur, bəxtim, taleyim yoxdur, Mən ki, məcnunəm. Ə r ə b l ə r-- Məcnunin də allahdan başqa bir əlacı yox, Ona əlac olsa allahdan olar. (M u s i q i) N o f ə l-- Qəm çəkmə ki, mən olunca sənə qəmxar, Yarın, bil ki, ənqərib olur sana yar. Ümidvar ol! Sən cəhd elə ki, yar ola sənə mayil, Çün yar olsa mayil, kar olur asan. (M u s i q i) (Bu vaxt L e y l i n i n a t a s ı on nəfər yaraqlı ərəblə gəlir. N o f ə l onlara deyir:) N o f ə l-- Ey qom büləndpayə, Biganə olmuş aşinayə. Leylini verin Məcnunə, Bu işə siz razı olsanız, Sizi eylərəm dövlətmənd. Simüzər verərəm, Əgər sözlərimi yerə salsanız, eylərəm Sizi şəmşirin zərbinə qurban. (M u s i q i) L e y l i n i n a t a s ı-- Ey hünərvər, bu cünundur, Bizdə cünunə qız yoxdur. Lazım deyil bizə zərin, Əl çəkirik zərindən. Qorxmuruq şəmşirindən. Hər nə bilsən et! Laf ilə qılıncdan gəl urma qıl dəm Kim, vardır qılınclar bizlərdə də həm. (M u s i q i) (Qılınclarını çəkib davaya başlayırlar. M ə c n u n əlinə bir xəncər alıb N o f ə l i n qoşunlarını qırmağa başlayır. N o f ə l onu kənara çəkib deyir:) N o f ə l-- Nə iş görürsən, divanə! Düşmənə kömək edirsən. Biz ölürük sənin üçün, Sən qırırsan bizi neçün? Xəncəri tulla, Mən cəhd edirəm ki, düşməni məğlub eyləyim Kim, Leylini alıb sənə verdirim. (M u s i q i) M ə c n u n (Kabili üstə)-- Ey Nofəl, mən fədayi-yarəm, Vəslinə onun ümidvarəm, Yarım tərəfində ola nüsrət, Bəlkə ki, bulam vüsalə fürsət. Canım ola dust dilpəziri, Ya köştəsi ola, ya əsiri. (Bu vaxt L e y l i n i n a t a s ı ilə İ b n-S ə l a m gəlir; qılınclarını salıb, N o f ə l ə müraciətlə oxuyurlar:) L e y l i n i n a t a s ı-- Ey hünərvər, səndə zəfər. Bizə aman ver, nahaq bu xəlqi Qırma, qırma, qırma, qırma! Leylini vermişəm özgə ərə, Leyli verilib İbn-Səlamə. İndi razı olma iki əri olsun yarın, Namusa toxunan iş deyilmi bu?! (M u s i q i) N o f ə l (əl verir)-- Doğrudur, doğrudur, doğrudur, (Qoşuna) Ey ləşkər! Çəkilin davadan, Dəxi bəsdir cəng; Əvvəldən bilsəydim tökməzdim bu qədər qan, Məcnunə allahdan əql istərdim. (M u s i q i) (H a m ı bir yerdə əllərini yuxarı qaldırır). H a m ı-- Bar, ilahi, əfv et Bu günahı biz bəndədən. Bu Məcnuni eylə Aşiqlikdən xilas. (M u s i q i) PƏRDƏ * * * Dördüncü pərdə Vaqe olur İ b n-S ə l a m ı n evində. Evin bir tərəfi küçədir; M ə c n u n Z e y d ilə küçədə durublar. Otaqda toy məclisidir. Musiqidən sonra pərdə qalxır. Z e y d (rast üstə)-- Dün əxtəri-bəxtin oldu tirə, Leyli sitəm etdi sən fəqirə. O, İbn-Səlamə ruzi oldu, Ruzi sənə dərdi-süzi oldu. Yar özgəyə oldu şəmi məhfil, Qaldı sənə tabi-atəşi-dil. Q o n a q l a r (otaqda)-- Xoşbəxt ol, İbn-Səlam! Alasan kamü məram. Keçirəsən xoş günlər, Bar verə muradın. Ola bir övladın. Mübarək olsun toyun. (Oyundan sonra durub gedirlər, bu halda M ə c n u n şuştər oxuyur.) M ə c n u n-- Qeyr ilə, yara, nədir seyri-gülüstan etdiyin? Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin? Əhd bünyadın mürüvvətdirmi viran etdiyin?! Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! (L e y l i içəri daxil olur, M ə c n u n u n səsini eşidir; İ b n-S ə l a m gəlib təəccüblə L e y l i y ə baxır və oxuyur.) (M u s i q i) İ b n-S ə l a m-- Leyli, Leyli, bu odlu səs Məcnunundur, Mən tanıyıram onu. Məgər, Leyli, bəs bu cünun əl çəkməyibdirmi səndən indi də? Leyli, söylə, doğrusun söylə, Səndəmi ona aşiqsən? İstərsənmi Məcnunun ola aşiqin? (M u s i q i) L e y l i-- İbn-Səlam, qoy doğrusun mən söyləyim, mən Məcnuna aşiqəm. Uşaqlıqdan bir-birimizi sevməyə söz vermişik əhd ilə. İndi söylə, sən özün söylə, sındıra billəm əhdimi mən? Məhəbbətin odunu mən söndürə billəmmi, qəlbimi yandırar. (M u s i q i) L e y l i-- Bir neçə vaxt sən səbr elə, qoy soyusun eşqin odu. İ b n-S ə l a m (kənara)-- Yəqin Leyli məni sınamaq istəyir, Mən fikrini duymuşam. L e y l i-- İbn-Səlam, sən səbr elə, qoy bəlkə Məcnun da əl çəkə. İ b n-S ə l a m-- Leyli, mən səbrə hazıram. Sənin cəfanı mən çəkməyə hazıram, (Gedir.) (M u s i q i) M ə c n u n-- Cürmümüz noldu ki, bizdən eylədin bizarlıq? Biz qəmin çəkdik, sən etdin özgəyə qəmxarlıq. Sizdə adət bumudur? Böylə olurmu yarlıq? Hanı, ey zalım, bizimlə əhdü peyman etdiyin?! (Bu halda L e y l i taxt üstə ağlayır. Z e y d və bir neçə nəfər ərəb gəlib M ə c n u n a deyirlər:) Z e y d və ə r ə b l ə r-- Məcnun, Məcnun, dur gedək, Bu rəqibin evidir. Sənə tənə eylərlər. Bədnam etmə özünü. L e y l i-- Allah, bu nə sitəm, bu nə zülm?! Bu nə sitəm, bu nə zülm?! Eşqin oduna yandım, Hicran sitəmin qandım. M ə c n u n-- Bəs sənin vəfan bu imiş, Leyli; bu imiş, Leyli? Bivəfa da yar olarmı?!(2 dəfə) Z e y d və ə r ə b l ə r-- Məcnun, dur gedək evinə, Yazığın gəlsin atana. Rəhm eylə bir dəm anana. Leylini səndən ayırdı mürüvvətsiz fələk, Sən də eşqin havasını başından eylə cida. (M ə c n u n ərəblərlə gedir). PƏRDƏ Vaqe olur İ b n-S ə l a m ı n evinin qabağında. İ b n-S ə l a m qapı ağzında oturur. Musiqi "osmanlı" havasını çalır. Pərdə qalxdıqda L e y l i içəridən çıxıb gəlir və İ b n-S ə l a m ı n qabağında oturur. L e y l i xəstədir. İ b n-S ə l a m (osmanlı üstə)-- Pərişan-halın oldum, sormadın hali-pərişanım, Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım. Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl yarım! Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! (M u s i q i) Əsiri-dami-eşqin olalı səndən vəfa görməm, Səni hər anda görsəm, əhli-dərdə aşina görməm. Vəfayi-aşinalıq rəsmini sənə rəva görməm, Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım! L e y l i (təsnif üstə)-- Ey mənə qəmxar olan, görmürsənmi əhvalımı? Dərdə düşmüş cismimi, oda alışmış canımı? Daim pərişan halımı. (M u s i q i) İ b n-S ə l a m-- Ey gözüm, guş etmədin pəndü nəsihətimi sən, Bir cünunə mehrini saldın, etdin özünü sən, Xəstəvü naçar olmusan. L e y l i-- Söylə bir, İbn-Səlam, gər aşiqi həqiqisən, Eşq odu düşsə əgər, dəfi onun qabildirmi? Söndürməsi mümkündürmi? (L e y l i və İ b n-S ə l a m evə daxil olurlar. Z e y d M ə c n u n u zəncirə bağlı L e y l i n i n qapısına gətirir.) (M u s i q i) M ə c n u n-- Leyli, ey bivəfa Leyli! Özgəyə saldın sən meyli! Elədin məni divanə, Sözümü saldın hər yanə, ey zalım! (2 dəfə) (M u s i q i) Yaxıldı canım eşqindən, Titrədi dağlar ahimdən. Niyə sən bəs, ey bivəfa! Belə üz döndərdin məndən, ey zalım! (2 dəfə) (M u s i q i) Nə qədər təndə var canım, Yanaram atəşi-eşqə, Çəkərəm fəqan-ahim, Yandıraram dağı, daşı, ey zalım (2 dəfə) (Bu halda L e y l i evdən çıxıb, oxuya-oxuya yüyürür M ə c n u n u n üstə) L e y l i-- Gəl, ey Məcnun, Leylinəm, al canımı! Vəfasız olmuşam, billah, tök qanımı! (M ə c n u n L e y l i n i görcək zəncirini qırıb, geri çəkilib oxuyur.) M ə c n u n-- Sən Leyli deyilsən, ey pərizad! Qaç, qəlbimi xunla etmə bərbad. Aldatma məni, cünun deyib qaç, Qaç, eyləmə gül üzünlə Leylini yad. (Qaçır. Z e y d də onun dalınca gedir, L e y l i tək qalıb oxuyur.) L e y l I (segah üstə)-- Xoşdur nə qədr eyləsə yarım cəfa mənə, Ta kim, rəqib söyləməsin bivəfa mənə. Sənsiz diyari-hicrdə sərgəştə qalmışam, Vəslin ümidi, billah, olur rəhnüma mənə. Rəna qəsəd qalıbdı belə xürdi-xabidən Xuni-dilim olubdur, əzizim, qəza mənə. Qan bəstərində qoyma məni zar-mübtəla, Ver şərbəti-vüsaldən, ey meh, şəfa mənə. (L e y l i yerə yıxılıb ölür. Bu halda xor daxil olub oxuyur.) (M u s i q i) Xor-- Rəhmət olsun sənə, Leyli! (2 dəfə) Bu dünyada kam almadın, O dünyada kam alarsan, ey aşiq! (2 dəfə) PƏRDƏ Vaqe olur q ə b r i s t a n d a. Bir tərəfdə L e y l i n i n qəbri görünür. (M u s i q i) M ə c n u n (bayatı-kürd üstə)-- Sındırdı çərx zülm ilə balu pərim, haray! Döndərdi tez xəzanə fələk güllərim, haray! Ey ruzigar, nə eyləmişəm bilməm sənə, Ümmanə döndü qan ilə çeşmü tərim, haray! (Bu halda Z e y d bir ərəblə daxil olur.) Z e y d-- Ey şifteyi-şikəstətale! Əfsus ki, səyin oldu zaye! Leyli sənə verdi zindəgani, Sən ol baqi, ol oldu fani! Sən sədqəsi olduğun pərivəş Sədqə sənə oldu, ey bəlakəş! Əzmi-rəhi-cənnət etdi ol hur, Firdovs məqamın etdi məmur. M ə c n u n-- Netdim sənə, qəsdi-canım etdin?! Qəsdi-dili-natəvanım etdin?! Eylət məni yar olan diyarə, Şəm eylə məni məzari-yarə! (M ə c n u n u L e y l i n i n qəbri üstünə aparırlar. M ə c n u n qəbri qucaqlayıb oxuyur). M ə c n u n (bayatı-qacar üstə)-- Aşiq oldur kim, qılır canın fəda cananına, Meyli-canan etməsin hər kim ki, qıymaz canına. Canını canana verməkdir kəmali aşiqin, Verməyən can etiraf etmək gərək nöqsanına. (Deyir, ölür. Bu halda ə r ə b l ə r yığılıb oxuyurlar.) (M u s i q i) X o r və ə r ə b l ə r-- Ey bikəs, biçarə qalan aşiq, sadiq Məcnun!(2 dəfə) Səd heyf ki, ahu qəmin oldu belə zaye! Axı eşq, eşq, eşq bəladır, bəladır, Aşiqlik edən dərdə mübtəladır!(2 dəfə) (M u s i q i) Olmadın nail Leyliyə sən bəs bu dünyada, Məcnun! (2 dəfə) Bari o dünyada olasan vəslinə nail. Axı eşq, eşq, eşq bəladır, bəladır, Aşiqlik edən dərdə mübtəladır! (2 dəfə) PƏRDƏ * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-leyli-ve-mecnun İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.