Miniatürlər Üzeyir Hacıbəyov (1885–1948) Müsəlmanın halı Hökümət qapısında Kərbəlayı Bədəl, görə bildin? Görə bildim. Nə dedi? Dedi: "Zavtra"(Sabah) Ağalar qapısında Məşədi Fərəcullah, ağa evdə idi? Bəli, evdə idi. Səni gördü, nə dedi? İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü. İntelligent qapısında Mahmud əmi, razı oldumu? Balam, yox! Nə üçün? Dedi, beş yüz manat ver, yazım. Dövlətli qapısında Kərbəlayı Müseyyib, getmişdin? Hə, getmişdim. Görə bildin? Balam, yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi. * * * Coğrafiyadan məlumat R u s i y a - Bir məmləkətdir ki, orada Dövlət duması var, amma əz bərayi-ehtiyat Dövlət dumasının içində də bir Pruşkeviç vardır. T ü r k i y ə - bir dövlətdir ki, orada dünən hökümət millətin boynuna minmişdi, sonra da millət hökümətin boynuna mindi. Amma bu gün qərar qoyublar ki, daha heç kəs heç kəsin boynuna minməsin. A v s t r i y a - bir dövlətdir ki, oranın höküməti iki tikəni birdən udur. Amma heyf ki, boğazında qalır. İ r a n - cəmahiri-müttəfiqə surətində dolanan bir məmləkətdir. İçində on-on beş dənə cürbəcür padşahları vardır. Əhalisi yoxdur. * * * Bizim adi söhbətimiz (Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm ki, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm) Salaməleyküm Əleyküməssəlam. Məşədi Həsən, mən necə eləyim? Axı o köpək oğlunun balası gəlib çıxmadı. Mən nə qayırım, balam. İt oğluna min kərə dedim ki, ədə, tez gəl. Gör, sən Allah, saqqallı kişini qoduğun birisi ələ salıbdır. Bu sən öləsən, eşşəyin balasına ağzıma gələni demişəm. Donuz balasına söz kar eləmir. Hə, indi ki, belə oldu, mən onun... (Daha dalını yazmağa qələm işləməz. Elə bu "nümunə" bəsdir) * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-miniaturler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.