O olmasın, bu olsun Üzeyir Hacıbəyov (1885–1948) O olmasın, bu olsun Əfradi-əhli-məclis İŞTİRAK EDİRLƏR R ü s t ə m b ə y--45 yaşında, borclu düşmüş bir bəy. G ü l n a z--15 yaşında, Rüstəm bəyin qızı ki, Sərvərə aşiqdir. S ə r v ə r --25 yaşında bir studentdir ki, Gülnaza aşiqdir. S ə n ə m--qulluqçu, dul arvad, 30 yaşında. M ə ş ə d i İ b a d--50 yaşında, dövlətli bir tacirdir ki, Gülnazı almaq istəyir. H ə s ə n q u l u b ə y--40 yaşında, millətpərəst, R z a b ə y--40yaşında, qəzetçi, H ə s ə n b ə y--40 yaşında, intelligent. Rüstəm bəyin aşnaları. Ə s g ə r--30 yaşında, qoçu. H a m b a l. M ə ş ə d i Q ə z ə n f ə r--hamamçı. U s t a M ə h ə r r ə m--dəllək. K ə r b ə l a y ı N ə s i r--bazar əhli. H a m a m x i d m ə t ç i l ə r i. Q o ç u l a r. B a z a r a d a m l a r ı v ə s. * * * Birinci məclis R ü s t ə m b ə y i n evində vaqe olur. Yaxşı döşənmiş bir otaqdır. İçində stol, kürsü və kreslolar dəxi vardır. Pərdə qalxdıqda bütün iştirak edənlər çərgə ilə durub oxuyurlar. M u s i q i H a m ı. Nə sözdür kim, deyir məxluq (2 dəfə) Ki, Leyli oldu ğeyrə jap. (2 dəfə) M u s i q i Əbəs sözdür bu əfsanə, (2 dəfə) Düşübdür xəlqin ağzına. (2 dəfə) Gərək Məcnun, gərək Leyli Veribdirlər canın canə. (2 dəfə) M u s i q i Həqiqi aşiqin yoxdur (2 dəfə) Rəqibi, düşməni, xari. (2 dəfə) M u s i q i Əbəs sözdür bu əfsanə, (2 dəfə) Düşübdür xəlqin ağzına. (2 dəfə) Gərək Məcnun, gərək Leyli Veribdirlər canın canə. (2 dəfə) Pərdə enir. Hamı dağılır. S ə r v ə r ilə G ü l n a z qalırlar. Tarda segah çalınır, pərdə qalxır. S ə r v ə r (oxuyur). Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor, Zülali-zövq şövqün təşneyi-didar olandan sor. G ü l n a z. Ləbin sirrin gəlib göftarə məndən özgədən sorma, Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. S ə r v ə r. Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil, Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. G ü l n a z. Qəmindən şəm tək yandım, səbadən sorma əhvalım, Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor. S ə r v ə r. Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil, Füzuli, eşq zövqün zövqi-eşqi var olandan sor. G ü l n a z (danışır). Sərvər, bu gün səni çox kefsiz görürəm, nə olub məgər? S ə r v ə r. Doğru deyirsən, mən dünəndən bəridir ki, fikirdəyəm. G ü l n a z. Nə olub, söylə görək? S ə r v ə r. O olubdur ki, atan səni bir özgəsinə ərə vermək istəyir…. G ü l n a z (qorxu ilə). Kim deyir onu? S ə r v ə r. Mən deyirəm, doğru yerdən bilmişəm. G ü l n a z. Bəs atam mənə heç zad deməyibdir. S ə r v ə r. Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir, sənin borcun onun sözünə qulaq asmaqdır. G ü l n a z (acıqlı). Yox-yox, mən səndən başqa özgəsinə ərə getməyəcəyəm; qoy məni öldürsün, mən səni sevmişəm, sənə də gedəcəyəm. S ə r v ə r. Axı o ər məndən dövlətlidir. G ü l n a z. Cəhənnəmə olsun. S ə r v ə r. Məndən gözəldir. G ü l n a z. Çox mənə lazımdır! S ə r v ə r. Məndən cavandır. G ü l n a z. İstər lap uşaq olsun, lazım deyildir. S ə r v ə r (gülür). Yalan deyirəm, gözəlim Gülnaz! O kişi, doğrudur, məndən min kərrə dövlətlidir, amma özü qocadır, azından bir əlli yaşı vardır. Görsən qorxarsan. G ü l n a z. Bax, mən daha səbr edə bilmirəm: günü bu gün atama deyəcəyəm ki, mən səni sevnrəm və səndən başqasına ərə getməyəcəyəm. S ə r v ə r. Yox, Gülnaz, heç elə eləmə! Sən mən deyənə qulaq as, yoxsa iş düz gətirməz. Mən bilirəm ki, sənin atan borclu düşübdür və pula da çox ehtiyacı vardır. O istəyir ki, bu qohumluqla o kişidən ki, adı Məşədi İbaddır, bir qədər pul yesin. Zərər yoxdur, qoy yesin. Sən atana heç bir söz demə və söz açsa deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur, mən bu işə təhər çəkmişəm. G ü l n a z (bikef). Mən nə tövr razı olum ki, məni götürüb özgəsinə ərə versin. S ə r v ə r. Sən o barədə arxayın ol, məndən başqa səni özgəsi ala bilməz, amma sən mən deyənə qulaq as! Bu halda S ə n ə m daxil olur. S ə n ə m. Bircə o gün ola idi ki, sizin toyunuzda süzə-süzə oynaya idim. S ə r v ə r. İnşaallah, bu yaxında oynarsan. S ə n ə m (sevinir). Necə? Yaxında toy eyləyirsənmi? S ə r v ə r. Yox, mən eyləmirəm, Rüstəm bəy Gülnazı özgəsinə ərə verir. S ə n ə m (bikef). Buy…. Başıma xeyir! Bu nə sözdür? O ər kimdir? S ə r v ə r. Bir qoca kişidir. S ə n ə m. Buy!… Ağrım onun ürəyinə! Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi? S ə r v ə r. Zərər yoxdur, mən işi özgə cürə düzəldərəm. Gülnaz, sən bikef olma. Arxayın ol, kimin ixtiyarı var ki, yarı yarından ayıra bilsin. M u s i q i Ü ç ü b i r y e r d ə. Əcəb sözdür bu əfsanə, (2 dəfə) Düşübdür xəlqin ağzına.(2 dəfə) Gərək Məcnun, gərək Leyli Veribdirlər canın canə. (2 dəfə) Q a p ı döyülür. S ə n ə m. Ax, deyəsən ağa gəlir. (Yüyürüb qapıdan baxır). Ay aman, ağa gəlir; dur qaç! S ə r v ə r (tələsik). Gülnaz, hələ ki, xudahafiz. Sən mən deyəndən çıxma, atana başqa, söz demə. G ü l n a z. Xudahafiz. S ə r v ə r gedir. M u s i q i R ü s t ə m b ə y (daxil olur). Qızım, sənə yaylıq alım! G ü l n a z. Al, dədə, qurbanın olum! R ü s t ə m b ə y. Qızım, sənə başmaq alım! G ü l n a z. Al, dədə, qurbanın olum! R ü s t ə m b ə y. Qızım, sənə corab alım! G ü l n a z. Al, dədə, qurbanın olum! R ü s t ə m b ə y. Qızım, sənə tuman alım! G ü l n a z. Al, dədə, qurbanın olum! R ü s t ə m b ə y. Qızım, səni…. Qızım, səni…. Qızım, səni ərə verim! G ü l n a z. Yox, dədə, qurbanın olum! Yox, dədə qurbanın olum! M u s i q i R ü s t ə m b ə y (danışıq). Qızım, yox deyirsən? Sənin üçün bir ər tapmışam ki, bir ər tapmışam ki, dövlət nə dövlət, pul, saman kimidir! Özüdəcə abırlı bir kişidir. Hərçənd bir az yaşı çoxdur, amma bir yaxşı adamdır ki, beləsini çıraq ilə axtarsan tapa bilməzsən! S ə n ə m. Ah! Qoca olandan sonra heç nə! Ağrım onun özünə də, dövlətinə də! R ü s t ə m b ə y. Ay qız, sən qıfılla, sən danışma, sən bu cür işləri anlamazsan, çünki sən bir heyvan layələmsən! S ə n ə m. Nə qədər heyvan olsam da, mən cavan qızımı qoca kişiyə ərə vermərəm! Heyf deyilmi? Vallah, bu saat onun dərdindən ölən cavanlar çoxdur ki, hər biri bir Yusif! R ü s t ə m b ə y. Nə vaxt mən səni qoca kişiyə ərə versəm, getmə! Qız mənimdir, mən bilirəm: istərəm qocaya verərəm, istərəm cavana! (Qıza) Razısanmı, qızım? G ü l n a z. Nə deyirəm, mənim borcum ata sözünə baxmaqdır, özün bilərsən! R ü s t ə m b ə y. Ağıllı qızım, gözəl qızım! Mən əvvəldən bilirdim ki, sən mənim sözümdən çıxmayacaqsan. Odur ki, kişiyə söz vermişəm, indi o kişi bu gün buraya gələcəkdir və səni də görmək istəyəcəkdir. Mən sənə izn verirəm ki, sən gedib onun ilə görüşəsən. Get görüş və özün də danış, qorxma! S ə n ə m. Yəni batmış bu qədər çirkindir ki, adam qorxa da bilər? R ü s t ə m b ə y. Ay qız, gəl sən danışma! S ə n ə m. Axı deyirsən ki, qorxma, mən də soruşuram ki…. R ü s t ə m b ə y. Ay qız, yum ağzını! S ə n ə m. Ağzımı yummamış, nə deyirəm ki?! R ü s t ə m b ə y. Ay heyvan, danışma deyirəm! S ə n ə m. İndi mən nə deyirəm ki, acığın tutur. R ü s t ə m b ə y. A mürtəd balası, danışma, qulluqçusan, otur qulluqçu yerində! S ə n ə m. İndi mən nə deyirəm ki, pis söz demirəm ki?! R ü s t ə m b ə y. Ay qız, kəs səsini! S ə n ə m. Səsimi kəsməmiş mən nə deyirəm ki…. R ü s t ə m b ə y (lap bərkdən). Ay qız, de qoy işimizi görək! S ə n ə m. Mən nə qayırıram ki…. R ü s t ə m b ə y (daha bərk). A qız!… Bu əsnada q a p ı bərk döyülür. R ü s t ə m b ə y. Durun gəlin bəri, yəqin kişi gəldi. H a m ı s ı durub gedir. M u s i q i M ə ş ə d i İ b a d (daxil olur). Mən nə qədər, nə qədər qoca olsam da, Dəyərəm min cavana. Çörəyi yemərəm mən yavana. Yaxşı demərəm mən yamana, Qurban edərəm mən canana Malımı, pulumu, canımı mən. Gəl, xanım, gəl yanıma, Gəl, canım, gəl yanıma, Gəl, yarım, gəl yanıma. Gəl, mən ölüm, mən ölüm, mən ölüm gəl!… (2 dəfə) A quzum, gəl yanıma, Canımı verərəm mən yarıma. Qurban edərəm mən canana Malımı, pulumu, canımı mən. M u s i q i Yenə təkrar "Gəl, xanım, gəl yanıma". M u s i q i R ü s t ə m b ə y (daxil olur). Məşdi İbad, sən bizə xoş gəlib, bizi şad elədin! Bir de görüm nə oldu ki, nə oldu bizi yad elədin? M ə ş ə d i İ b a d. A kişi, sən öl, mən səni hamıdan artıq yad elərəm, Sən qızı mənə vergilən, gör necə səni şad elərəm. Musiqi çalınır, i k i s i də oynayır. R ü s t ə m b ə y. Söylə görüm bir mənə, Cib doludurmu pul ilən? Gəl sənə mən qız verim, Nə işin vardır dul ilən. M ə ş ə d i İ b a d A kişi, sən öl, mən sənə Nə qədər desən pul verərəm, Sən qızı mənə vergilən, Gör necə səni şad elərəm. Musiqi çalınır, ikisi də oynayır. M ə ş ə d i İ b a d. Pul verimmi? R ü s t ə m b ə y. Vergilən! M ə ş ə d i İ b a d. Qız verərsənmi? R ü s t ə m b ə y. Verərəm! M ə ş ə d i İ b a d. Tez verimmi? R ü s t ə m b ə y. Vergilən! M ə ş ə d i İ b a d. Tez verərsənmi? R ü s t ə m b ə y. Verərəm! M ə ş ə d i İ b a d. Degilən sən öl! R ü s t ə m b ə y. Bu sən öl! M ə ş ə d i İ b a d. Bəs elə isə? R ü s t ə m b ə y. Ver əlini! M ə ş ə d i İ b a d. Bəs elə isə? R ü s t ə m b ə y. Ver əlini! M ə ş ə d i İ b a d. Degilən sən öl! R ü s t ə m b ə y. Bu sən öl! M ə ş ə d i İ b a d. Bəs elə isə? R ü s t ə m b ə y. Ver əlini! Musiqi çalınır, ikisi də oynayır. M ə ş ə d i İ b a d (danışıq). İndi axır sözünü de görüm, qızı mənə verirsənmi? Yoxsa vermirsən, gedib ayrı qız alaram, deyərəm ki, o olmasın, bu olsun! R ü s t ə m b ə y. Mən öz sözümün üstündə duran adamam. Ancaq sən də gərək qabaqca bir balaca tədarük görəsən. (Əli ilə pula işarə edir). M ə ş ə d i İ b a d. Min manat sənə bəsdirmi? R ü s t ə m b ə y. Min də üstə artır. M ə ş ə d i İ b a d. A kişi, axı bunun bir anbar da toy xərci var. R ü s t ə m b ə y. Doğrudur, ancaq nə eləmək? Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyf ki, qocasan, taxsır özündədir. M ə ş ə d i İ b a d. A kişi, vallah, mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyərəm. Sən nə fikir edirsən?! Ala, min beş yüz manat, qalanını da sonra verərəm (pul çıxardıb verir). R ü s t ə m b ə y. Olar (pulu alır). Zərər yoxdur. M ə ş ə d i İ b a d. İndi mən istəyirəm ki, bir qızı görüm, danışdırım, nə deyirsən? R ü s t ə m b ə y. Heç sözüm yoxdur, əyləş, bu saat qızı göndərərəm (gedir). M ə ş ə d i İ b a d. Zarafat deyildir, bir ətək pul verirəm, bir baxım görüm, mal nə cür maldır, verdiyim pula dəyərmi? Mənim istədiyim odur ki, özümə layiq adam olsun. Yoxsa məndən ötrü təfavüt yoxdur, o olmasın, bu olsun!… (Sükut). A kişi, bircə mən bilmədim ki, camaat mənim harama qoca deyir! Vallah, görünür ki, xalqın gözü pis görür. Budur ayna, bu da mən. (Aynaya baxır). Allaha şükür, dişlərim hamısı cabəca, saqqalım da qapqara şəvə kimi. (Diqqət ilə baxır). Deyəsən burda bir dənə ağ tük vardır. Gərək dartam çıxsın. (Dartır). A zəhrimar!… Görünür ki, heyvan balası dəllək hənanı pis yaxıbdır. (Cıxardır). Puf!… Rədd ol, sarlatan!… Qoca odur ki, dişləri olmaya, gözü görməyə, qulaqları eşitməyə, özü də yerindən tərpənə bilməyə, mən ki, əlhəmdülillah, quş kimiyəm. Maşallah deyim ki, göz dəyməsin. Özüm də əlli yaşım ya ola, ya olmaya. (Güzgüyə baxıb ora-burasını düzəldir). İndi mən papağımı nə cür qoyum ki, qızın xoşuna gəlsin: Hərgah belə qoysam (gəc qoyur), onda qız qorxar, elə bilər ki, Bakı qoçusuyam. Əyər belə qoysam (gözünün üstə qoyur), onda da qız ürkər, elə bilər ki, Qarabağın pambıq bəylərindənəm. Hərgah bu cürə qoysam (lap dalı qoyur), onda qızın məndən zəhləsi gedər. Elə bilər ki, Gəncə qumarbazıyam, əgər belənçik qoysam (təpəsinə qoyur), onda da Şamaxı lotusuna oxşaram. Bəs nə tövr qoyum? Hamısından yaxşısı budur ki, başıaçıq oturram, onda qızın xoşuna gələr, elə bilər ki, abrazavannıyam. Doğrudan da, mən bir qədər abrazavannıyam, çünki uruslar mən ilə çox alış-veriş eləyiblər və mən onlardan urus dilini də yaxşı öyrənmişəm. Məsələn: işto katu, bajaluska, funt vosim qəpik, menşi nelza, nelza (Səs gəlir). Aha, deyəsən qız gəlir; indi gərək mən seryoznıski olam. (Bir kreslo üstündə bardaş qurub oturur.) G ü l n a z ilə S ə n ə m daxil olur. G ü l n a z. Uy, mən bu kişidən qorxuram! S ə n ə m. Nə kifir kişidir, ay allah! M ə ş ə d i İ b a d (kənara). Deyəsən, məndən qorxurlar. Zərər yoxdur; arvad kişidən qorxsa yaxşıdır. (Onlara). Bir deyin görüm, xanım hansınızdır, qulluqçu hansınız? S ə n ə m. Mən qulluqçuyam, bu xanımdır. (Otururlar). M ə ş ə d i İ b a d. Çox gözəl, çox əcəb! (Kənara). Heç qulluqçunun özü də yaman deyildir, amma xanıma söz yoxdur. Dəyər verdiyim pullara. (Sükut. Heç kəs dinməyir. Məşədi İbad birdən-birə gözlərini Gülnazın başına tərəf dikib, diqqət ilə baxır). Xanım, sənin ki, saçın bu qədər qaradır, yəqin sən də mənim kimi həna qoyursan. G ü l n a z. Xeyr, həna qoymuram! M ə ş ə d i İ b a d. Hə!… Çünki mən saqqalıma həna qoyuram, elə bildim ki, sən də saçına həna qoyursan. (Kənara). Amma lap nahaq yerə hənadan söhbət saldım, heç yeri deyildi. G ü l n a z. Mənim başım hələ ağarmayıbdır ki, hənaya ehtiyacı ola. S ə n ə m. Allaha şükür, xanım qocalmayıb ha! M ə ş ə d i İ b a d (tələsik). Xeyr, xanım, mənim də saqqalım ağarmayıbdır. Mən saqqalıma həna qoydum, qoymadım həmişə qapqara şəvə kimidir. Amma mən bir növ adətkardə olmuşam və fars da deyir ki, "tərki-adət bə movcibi mərəzəst". (İrəli gəlir.) Allah ölənlərinizə rəhmət eyləsin, mənim rəhmətlik anam deyərdi ki, başımın hənasının vaxtı keçəndə başım ağrıyır. Çünki adətkardə olmuşdur. G ü l n a z. Yəqin sizin də saqqaqlınızın hənasının vaxtı keçəndə ağrıyır. M ə ş ə d i İ b a d. Bəli, ağrıyır. Saqqalım bərk ağrıyır; bir də, mən sənə deyim, insanın başının, ya saqqalının ağlığı onun qocalığına dəlalət eyləməz. Bax, mən iki yaşında urus balası görmüşəm ki, başı ağappaq qar kimi; halbuki iki yaşında uşağa qoca demək olmaz. Və bir də siz mənim başıma diqqət edin, heç görün bir dənə ağ tük varmı? (Başını göstərir). G ü l n a z. Heç qarası da yoxdur. M ə ş ə d i İ b a d. Bəs bundan məlum olur ki, insan cürbəcür olar. Sizin ikinizin də canı üçün, indi dünya elə dönübdür ki, indiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Məsələn, mən tarix-nadir kitabını yarısına qədər oxumuşam, ona görə hikmət elmindən yaxşı biliyim vardır. İnsanın zahiri nə qədər çirkin olsa, batili bir o qədər gözəl olar. Məsəl var ki, deyərlər: o olmasın, bu olsun. Əlbətə, nə zərəri vardır, cavanlıq olmasın, pul olsun. Pul elə şeydir ki, qocanı cavan eylər və pulsuzluq da cavanı qoca eylər. S ə n ə m. Görünür ki, sənin çox pulun vardır. M ə ş ə d i İ b a d. Sənin dövlətindən kefim çox kökdür. (Əlini cibinə salıb, bir abbası çıxardır). Buyur, bu abbasını saxla, lazım olar saqqıza verib çeynərsən. S ə n ə m. Xeyr, çox sağ ol, pul lazım olsa, ağam verər. M ə ş ə d i İ b a d. Aha, o başqa məsələ. (Pulu qoyur cibinə). Heç pis arvad deyildir. (Ona). Bir mənə de görüm sənin ərin var? S ə n ə m. Xeyr, yoxdur. M ə ş ə d i İ b a d. Çox gözəl. (Kənara). Qabaqdan bilsəydim əvvəlcə bunu alardım, sonra xanımı! (Ona). Kefin necədir, yaxşı dolanırsanmı? S ə n ə m. Nə üçün, şükür allaha, yaxşıyam. M ə ş ə d i İ b a d. Çox gözəl. (Gülnaza). Xanım, heç sən danışmırsan? G ü l n a z. Mən qulaq asıram. M ə ş ə d i İ b a d. Çox gözəl. Qulaq asmaq da yaxşı şeydir. (Kənara). Qəribə yerdəyəm, vallah, bir gözəl o yanımda, bir gözəl bu yanımda. Şair çox gözəl deyibdir ki (oxuyur): Hüsn bağında gəzəsən, Gülü sünbül dərəsən. Sən kimi bir gözəli Bağın içində görəsən. G ü l n a z. Baxasan gül yanağına, olasan məstu xumar. B i r y e r d ə. Deyəsən heç bir işrət olmaz, sən öləsən! M u s i q i S ə n ə m. Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək? Qorxmayırsanmı ki, axırda gələ başa kələk. G ü l n a z. Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək! B i r y e r d ə. Üzünü it də görərsə yalamaz, sən öləsən! M u s i q i M ə ş ə d i İ b a d. Görürəm kim, mənə sən çox yetirirsən gözünü. Qorxuram kim, ki axırda itirəsən özünü. G ü l n a z. İstəyirsənmi, sözün mən deyərəm lap düzünü, B i r y e r d ə. Sən kimi bir qocaya qız yaramaz, sən öləsən! G ü l n a z (Dururlar). Hələ ki, xudahafiz, biz gedək. M ə ş ə d i İ b a d. Ay çox sağ olun, allah pənahında olasınız! (Gedirlər). Bir dəli şeytan deyir ki, ikisini də birdən al! R ü s t ə m b ə y (daxil olur). Necədir, qızı bəyəndin? M ə ş ə d i İ b a d. Qızı da bəyəndim, hələ desən qulluqçunu da! R ü s t ə m b ə y. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eləyim. M ə ş ə d i İ b a d. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim! R ü s t ə m b ə y. Yox, Məşədi, bir az dayan! M ə ş ə d i İ b a d. Nə var ki? R ü s t ə m b ə y (yalançı sədaqət ilə). Məşdi İbad, sənin üzünə demirəm, amma, sən bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna cağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. M ə ş ə d i İ b a d. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəyki, mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir, keçən gün mənə deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcəyəm. Amma mən hər adamla qohum olmaq istəmirəm. Qərəz…. Qonaqların kimdir? R ü s t ə m b ə y. Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan. M ə ş ə d iİ b a d. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcəkdir. R ü s t ə m b ə y. Birisi qəzetçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünki o bir qədər mərdimgirizdir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (Qapı döyülür). Aha, gəldilər. Buyurun-buyurun! Qapı açılır, H ə s ə n q u l u b ə y, R z a, Ə s g ə r, H ə s ə n və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç, durub, guya söhbət edir kimi oxuyurlar M u s i q i H ə s ə n q u l u b ə y. Deyirlər ki, toy olacaq. R z a b ə y. Məşdi İbad qız alacaq. Ə s g ə r. Söylə görüm toy haçandır? H ə s ə n b ə y. Doğrudurmu toy olacaq? H a m ı. Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə) R ü s t ə m b ə y. Allah qoysa, tez toy olar. R z a b ə y. Söylə görüm toy haçandır? M ə ş ə d i İ b a d. İnşallah, tez toy olar. H ə s ə n b ə y. Doğrudurmu toy olacaq? H a m ı. Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə) H ə s ə n q u l u b ə y. Yəqindir ki, bu toyda…. Ə s g ə r. Bu toyda…. H ə s ə n b ə y. Bu toy, bu toy, bu toyda…. H a m ı. Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə) Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə) M u s i q i R ü s t ə m b ə y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağır-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm. R z a b ə y (kənara). Kişiyə yox, kişinin puluna. R ü s t ə m b ə y. Və özüm də bu qohumluğu özüm üçün…. R z a b ə y. Pul dağarcığı hesab edirəm. R ü s t ə m b ə y. Böyük bir şərəf hesab edirəm. H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin! Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və "zakuska" düzürlər. R ü s t ə m b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş edək. Hamı oturur, M ə ş ə d i İ b a d d a n başqa. R z a b ə y. Bəs Məşdi İbad? M ə ş ə d i İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir). H ə s ə n q u l u b ə y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim. H a m ı. Buyur, buyur. H ə s ə n q u l u b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir. M ə ş ə d i İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm. H ə s ə n q u l u b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad! H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad! Ə s g ə r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə dayan!… Dayanmadı, part, bir güllə!… Bir də gordum: sarap!… Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?… Həmin bu Məşdi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm. M ə ş ə d i İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?! R z a b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi? R ü s t ə m b ə y. Çox sağ ol, çox razıyam! R z a b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir). R ü s t ə m b ə y. Rza bəy, hara buyurursan? R z a b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram. H ə s ə n q u l u b ə y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim. O b i r i l ə r i. Vallah, biz də başa düşmədik. M ə ş ə d i İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur). R ü s t ə m b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq. H ə s ə n b ə y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim! H a m ı. Buyur-buyur! M ə ş ə d i İ b a d. Görək, bu nə deyir? H ə s ə n b ə y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni insan bir sürü heyvandır. M ə ş ə d i İ b a d. Heyvan özünsən! H ə s ə n b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı "buşmen"lərə və "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir. M ə ş ə d i İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan. H ə s ə n b ə y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rüstəm bəy! H a m ı (yavasdan). Yasasın, yasasın!… R z a b ə y. Maşallah bu kəlama! H ə s ə n q u l u b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa! H a m ı. Duraq! (Dururlar). Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi? H a m ı. Bəli, vaxtdır. H ə s ə n q u l u b ə y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl verir). Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz. H ə s ə n b ə y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir). M ə ş ə d i İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən? R ü s t ə m b ə y. Nə oldu, nə oldu? H ə s ə n b ə y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu! Hamı yığılır. "Nə oldu, nə oldu?" deyib, aralaşdırırlar, şuluqluq düşür. M u s i q i H ə s ə n b ə y. Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə) Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə) H ə s ə n q u l u b ə y. A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki, İntiligent ola-ola savaşırsan. (2 dəfə) M ə ş ə d i İ b a d. Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə). Meymun özü ola-ola mənə deyir. H a m ı. A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə) Xalqın evində dava etmək pis şeydir. Xalqın evində dava etmək pis şeydir. Adama yaraşmaz, adama yaraşmaz, Adama yaraşmaz, maz, maz, maz, maz, maz…. P ə r d ə * * * İkinci məclis Rüstəm bəyin həyəti ilə küçədə vaqe olur. Rüstəm bəyin həyəti hasar ilə məhsurdur. Pərdə qalxdıqda həyətdə S ə r v ə r ilə G ü l n a z görünür. Pərdədən qabaq musiqi çalınır. Sonra tarda "şahnaz" çalınır. Pərdə qalxır. S ə r v ə r. Cahanda var görəsən dərdi-eşqə bir çara, Bu eşq o eşqdir ki, Məcnunu qoydu avara. G ü l n a z. Bu eşq o eşqdir ki, Fərhada dağı çapdırdı, Dübarə tişəni çaldırdı başa o biçara. M u s i q i İ k i s i b i r y e r d ə. Çün bahar oldu açıldı…. Gül açıldı hər yanda. M u s i q i Çün bahar oldu açıldı…. Gül açıldı hər yanda. Bülbül etdi ahü zarü Nalə çəkdi oxudu (2 dəfə) M u s i q i Çünki gördü xari bülbül, Söylədi ki, ey birəhm! M u s i q i Çünki gördü xari bülbül Söylədi ki, ey birəhm! Səndə yoxdur eşq odu, Gəl həzər et naləmdən. (2 dəfə) M u s i q i Aşiq oldur ki, veribdir canini ol canana. M u s i q i Aşiq oldur ki, veribdir canini ol canana. Verməyibsə canini ol aşiq olmaz canana. (2 dəfə) Bu əsnada M ə ş ə d i İ b a d, əlində bir yaylıq alma və armud küçədən gəlib, hasarın yanında dayanır. M ə ş ə d i İ b a d. Mən istəyirdim ki, adaxlıbazlığa gecə gələm, halbuki, gündüz də bu hasardan aşmaq çətindir. Ya allah!… (İstəyir hasardan aşsın, amma bacarmayır). Yox görünür ki, mümkün olmayacaq. Qoy bir hambal çağırım, ayağımın altında yatsın. (Çağırır). Ada, hambal! H a m b a l (yüyurür). Nə deyirsən, Məşədi? Yükün nədir? (Kəndirini çıxardır). M ə ş ə d i İ b a d (cibindən bir abbası çıxardır). Al abbasını, ayağımın altında yat. H a m b a l. Məşədi, olmaya oğurluğa gedirsən? M ə ş ə d i İ b a d. Kəs səsini, axmaq! Adaxlıbazlığa gedirəm! H a m b a l. Məşədi, allah qüvvət versin, amma belimi şikəst eylərsən. (Yıxılır. Məşədi İbad onun belinə çıxır və hasardan baxır). M ə ş ə d i İ b a d. Ada, hambal, o yaylığı mənə ver! H a m b a l. Məşədi, tərpənsəm yıxılarsan ki…. M ə ş ə d i İ b a d. Dayan görüm! (Düşüb yaylığı götürür, bir də çıxanda yaylıq açılır, alma, armud yerə dağılır). M ə ş ə d i İ b a d (hasardan baxır). Qız oradadır, yanında da bir oğlan var. Görəsən o kimdir? G ü l n a z (onu görüb). Vay, dədəm vay!… O kimdir? Mən qaçıram! (Qaçır). M ə ş ə d i İ b a d (Sərvərə). Oğlan, sən kimsən? S ə r v ə r. Bəs sən kimsən? M ə ş ə d i İ b a d. Mən Məşədi İbadam! S ə r v ə r. Mən Sərvərəm! M ə ş ə d i İ b a d. Bəs sən orda nə qayırırsan? S ə r v ə r. Bəs sən orda nə qayırırsan? M ə ş ə d i İ b a d. Mən adaxlıbazlığa gəlmişəm! S ə r v ə r. Mən də adaxlıbazlığa gəlmişəm! H a m b a l. A Məşədi, belim şikəst oldu! M ə ş ə d i İ b a d. Ada, dayan görüm bu nə deyir! Qoçaq, sən kimin adaxlısısan? S ə r v ə r. Qoçaq, bəs sən kimin adaxlısısan? M ə ş ə d i İ b a d. Mən Rüstəm bəyin qızı Gülnaz xanımın! S ə r v ə r. Mən də Rüstəm bəyin qızı Gülnaz xanımın! M ə ş ə d i İ b a d (acıqlı). Kəs səsini, axmaq! Sənin nə ixtiyarın var ki, mənim adaxlımın adını çəkirsən? S ə r v ə r. Axmaq sənsən ki, hasara dırmaşmısan! H a m b a l. A Məşədi, belim qırıldı, düş aşağı! M ə ş ə d i İ b a d. Qurban olasan bu altımdakı hambala, yoxsa əhədini kəsərdim! (Düşür). S ə r v ə r. Heç bu iş pis olmadı, görək axırı nə olacaq? H a m b a l. Məşədi, belim sınıbdır, bir abbası da verəcəksən. M ə ş ə d i İ b a d (hambala). Heç başa düşmürəm ki, bu nə işdir? H a m b a l. Məşədi deyəsən qızın iki namizədi vardır? M ə ş ə d i İ b a d. Əşi, mən qızın halalca adaxlısı ola-ola hasarın bu tayında qalım, bir dələduzun birisi də o tayda olsun? Ay bivəfa arvad! (Fikrə gedir). M u s i q i M ə ş ə d i İ b a d (rast oxuyur). Mən nə danəstəm əz əvvəl ke, to bi mehro vəfai, Əhdi nabəstən əz on beh ke, bə bəndi ya nə pai. Burada mənim yadıma Leyli və Məcnun əhvalatı düşür. Məcnun o tayda ahü zar edir, Leyli bu tayda əğyar ilə eyş edir. M u s i q i İndi mən bu tayda hambal ilə qalmışam, Yarım da o tayda əğyar ilə söhbət edir. M u s i q i Yox, mən o məcnunlardan deyiləm, bu saat gedib qoçuları buraya yığacağam! (Gedir). G ü l n a z ilə S ə r v ə r çıxıb oxuyurlar. S ə r v ə r (şikəstəyi-fars oxuyur). Ey mələksima ki, səndən özgə heyrandır sana, Həqq bilir, insan deməz, hər kim ki, insandır sana. Verməyən canın sənə bulmaz həyati-cavidan, Zindeyi-cavid ona derlər ki, qurbandır sana. G ü l n a z və S ə r v ə r (təsnif oxuyurlar). Gözəlim sənsən mənim, M u s i q i Mehribanım, həmdəmim. M u s i q i Dəxi yoxdur heç qəmim, Çox şükür sənə, ey xuda! Olmadıq biz əğyarə fəda. (2 dəfə) M u s i q i Sən mənimsən, mən sənin. M u s i q i Ola bilməz özgənin. M u s i q i Həmi bir can, bir tənin, Çox şükür sənə, ey xuda! Olmadıq biz əğyarə fəda (2dəfə). M u s i q i Dərdimə tapdım dava, Qalmadı heç bir cəfa. (2 dəfə) Axır ki, gördük səfa, Çox şükür sənə, ey xuda! Olmadıq biz əğyara fəda. Əğyara fəda, əğyara fəda…. (2dəfə) Bu əsnada Q o ç u Ə s g ə r və başqa adamlar gəlib, M ə ş ə d i İ b a d l a birlikdə hasarın dalında dayanıb baxırlar. M ə ş ə d i İ b a d. Eşidirsiniz? Bayatı oxuyur. Bunlar hasarın deşiklərindən baxırlar. G ü l n a z. Aləmi pərvanəyi-şəmi-camalın qıldı eşq, Cani-aləmsən, fəda hər ləhzə min candır sana. Ə s g ə r. Oxa! Qız da oxuyur ki! M ə ş ə d i İ b a d. İndi gördünmü iş nə haldadır? Ə s g ə r. Məşədi İbad, bir bəri zəhmət çək (qabağa gətirib, nə isə deyir). S ə r v ə r. Çıxma, yarım, gecələr, əğyar tənindən sakın, Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana. Ə s g ə r. İki min manat pul verərsən: bir min mənim, bir min də yoldaşlarımın. M ə ş ə d i İ b a d. Mən yazıq bir o qədər pulu sənə haradan verim? Ə s g ə r. Özün bil, istərsən çıxaq gedək. Sən də camaat içində biabır ol. Heç kəs də sən ilə alver etməz. Sənin kimi binamus adamı biz heç içimizə qoymarıq. Adə, gedək! M ə ş ə d i İ b a d. Bir bura bax. Yaxşı, verərəm. Sabah gəl pulları apar, amma indi bircə əvvəl bu oğlanı öldür, yoxsa onun səsini eşitdikcə bağrım çatlayır. M u s i q i Q o ç u l a r. Ey kimsən orda, aç qapını! Aç qapını, gələk səni öldürək! M u s i q i Pişto doludur, hazır etmişik, Aç qapını, gələk səni öldürək! Ey, kimsən orda, aç qapını! Aç qapını, gələk görək kimdir o, Ey kimsən, ey, aç qapını! Aç qapını, gələk səni öldürək! G ü l n a z. Ax, Sərvər, qorxuram, səni öldürər bunlar. Gəl tez buradan qaçaq, tez-tez, gedək özgə şəhərə. Ah, Sərvər, qorxuram, Açma gəl qapını sən. Yoxsa səni öldürər Qoçunun gülləsi. Gəl bəri, Sərvər, gəl! Q o ç u l a r. Aç qapını! S ə r v ə r. Söyləyin görüm bir siz, Nə istəyirsiniz məndən? Nə lazım sizə bu evdən, Ta xəlqin qapısından. Qorxmuram mən sizdən, Hər nə bilsəniz edin! Yaxşısı budur, siz gedin, Öz iş-gücünüzə. Q o ç u l a r. Sənsən Məşədi İbadın Gəlinin əlindən alan. Sənsən xəlqin evin yıxan. Səndə vardır çox günah, Gəldik səni öldürək. Ta kim, Məşədi xoş olsun. Biz də ondan pul alaq, Eyşü işrətə məşqul olaq Ondan biz! Ə s g ə r (qoçulara). Çıxardın piştoları, hazır olun! Mən bir, iki, üç dedikdə siz atın! Hazır olun! Bir … iki…. S ə r v ə r fit çalır, qaradovoy çağırır. Q o ç u l a r həmən saat qoyub qaçırlar. H a m b a l ilə M ə ş ə d i İ b a d dəxi qaçırlar. S ə r v ə r gülür. G ü l n a z. Ax, qorxudan ürəyim üstümdə durmur. S ə r v ə r. Heç qorxma, bəri gəl, gedək otağa (Gedirlər). Bu əsnada R ü s t ə m bəy küçədə vaqe olub, həyətə girmək istəyir. R ü s t ə m b ə y. Hərçənd Məşədi İbadın bir-ikimin manat qulağını kəsdim, amma Gülnaza yazığım gəlir. Binəva bədbəxt olacaqdır. Mənim qızım Məşədi İbadın tayı deyildir, amma nə eyləmək, pulsuzluğun üzü qara olsun. İstəyir ki, içəri girsin, bu əsnada S ə r v ə r dəxi həyətdən çıxır. Bunlar bir-birini görüb, bir qədər təəccüb ilə baxışırlar. R ü s t ə m b ə y. Sən kimsən və mənim evimdə nə qayırırsan? S ə r v ə r. Mən bir student babayam və sənin evində heç nə eyləmirəm. G ü l n a z ilə S ə n ə m çıxırlar. R ü s t ə m b ə y (acıqlı). Bu saat de görüm, nə cürət edib mənim evimə gəlibsən? G ü l n a z. Öldürəcəkdir, hamımızı qıracaqdır. S ə n ə m. Allah, sən saxla, yazığıq!… S ə r v ə r. Mən sənin evinə heç vaxt gəlməzdim, hərgah sənin qızına aşiq olmasaydım və sənin qızın da mənə aşiq olmasa idi. R ü s t ə m b ə y (hirs ilə). Bu nə sözdür danışırsan? Nə cürət edirsən? Bu saat başına bir patron çaxaram ki, beynin dağılar. S ə r v ə r. Patronu mən özüm çaxacağam. R ü s t ə m b ə y. Kimə? S ə r v ə r. Özümə! R ü s t ə m b ə y. Bu nə sözdür! S ə r v ə r. Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. R ü s t ə m b ə y (acıqlı). Sən mənim qızımı öldürə bilməzsən! S ə r v ə r. Sənin xəbərin olmayacaqdır. R ü s t ə m b ə y. Neçün? S ə r v ə r. Çünki əvvəlcə səni öldürəcəyəm. R ü s t ə m b ə y. Bu nə danışır, ədə, dəlidir nədir? S ə r v ə r. Bax, sən bu qızı bədbəxt eyləmək istəyirsən. Amma mən, Sərvər, sən Rüstəm bəyə deyirəm ki, hərgah bunu mənə verməsən, onda bir güllə sənə, bir güllə qıza və bir güllə də özümə vuracağam! (Gedir). R ü s t ə m b ə y. Bacı oğlu, bir bura bax! Axı, mən özgəsinə söz vermişəm, iş işdən keçibdir. S ə r v ə r. Hərgah sən mən deyənə razı olsan, işi düzəldərəm. R u s t ə m b ə y. Nə tövr düzəldərsən? S ə r v ə r. Əvvəl de görüm, acığın soyudumu? R ü s t ə m b ə y. Soyudu. S ə r v ə r əyilib onun qulağına nə isə deyir. R ü s t ə m b ə y. Əşi, qoy görək! Eylə də iş olarmı? S ə r v ə r. Sənin canın üçün, mən düz deyirəm, razısanmı? R ü s t ə m b ə y. Yaxşı, razıyam, amma bəlkə baş tutmadı? S ə r v ə r. Onda qızı hər kəsə istəyirsən ver! R ü s t ə m b ə y. Çox gözəl! S ə r v ə r. Amma sən Məşədi İbada heç bir söz demə və onu tələsdir ki, tez toyu eləsin. R ü s t ə m b ə y. Çox gözəl, deyəsən ağıla batan şeydir, görək? S ə r v ə r. Bax, əyər iş tutdu-tutdu və illah tutmadı…. M u s i q i H a m ı. Babalı Sərvərin boynuna. (2 dəfə) S ə r v ə r. Əyər işi düz eləməsəm…. R ü s t ə m b ə y. Düz eləməsən…. S ə r v ə r. Gər bacarmasam…. R ü s t ə m b ə y. Gər bacarmasan…. H a m ı. Babalı Sərvərin boynuna. (2 dəfə) Musiqi çalınır, oynayırlar və sonra gedirlər. M ə ş ə d i İ b a d pərişan və pəcmürdə bir hal ilə küçədə vaqe olur, hambal da dalınca. M u s i q i M ə ş ə d i İ b a d (bayatı oxuyur). Ayrı düşdüm yarımdan, Əl çəkmişəm canımdan, O qədər başımı itirmişəm ki, Adım çıxıb yadımdan. H a m b a l. Mən aşiq o kəndə də, Belə o kəndə də, bu kəndə də. Belə əcəb oğlan qoyub getmisən A bu kişini əkən dədə! Küçə a d a m l a r ı hamısı buraya yığılırlar. M ə ş ə d i İ b a d. İşlərim hamısı zülm getdi. At axtardım çulum getdi. Cavan qıza bel bağladım, Beş min manat pulum getdi. M u s i q i A d a m l a r. Əvvəldən aşina idin, yad oldun nədən? (2 dəfə) Səni qoydu qaçdı o nazik bədən! Ay belə iş olmaz, bala, Heç belə iş olmaz! Aman, aman, aman, aman, Ay belə iş olmaz, bala, Heç belə iş olmaz! M ə ş ə d i İ b a d. Əvvəldən bilsəydim verməzdim pulu, (2 dəfə) Xəlqin eyləməzdim cibini dolu. Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz! Aman, aman, aman, aman!… Ay maralım, Gülnaz, bala, ay maralım, Gülnaz! A d a m l a r. Dedin qocalıqda bir qız alasan, (2 dəfə) Cavan qızı alıb evə salasan. Ay belə is olmaz!… H a m b a l. A Məşədi, belim sınıbdır, sən gəl bir abbası da verginən. M ə ş ə d i İ b a d (lap azarlı kimi). A gedə, rədd ol başımdan! Mən nəyin dərdindəyəm, sən nəyin dərdindəsən. Təki mənim də dərdim sənin kimi bir abbası olaydı. Millətpərəst H ə s ə n q u l u b ə y gəlir. H ə s ə n q u l u b ə y. Məşədi İbad, salamünəleyküm. A kişi, bu nə işdir? Eşitdim ki, qızın iki adaxlısı vardır? M ə ş ə d i İ b a d. A Həsənqulu bəy, sən allah, indi insaf eləyin. Sənin yanında Rüstəm bəy demədi ki, qızı sənə verirəm? H ə s ə n q u l u b ə y. Dedi! M ə ş ə d i İ b a d. Sonra məni evinə çağırmadı? H ə s ə n q u l u b ə y. Çağırdı! M ə ş ə d i İ b a d. Siz də qonaq gəlmədiniz? H ə s ə n q u l u b ə y. Gəldik! M ə ş ə d i İ b a d. Qonaqlıqda məni mübarəkbad eləmədiniz? H ə s ə n q u l u b ə y. Elədik! M ə ş ə d i İ b a d. Birisi də mənə orada meymun demədi? H ə s ə n q u l u b ə y. Dedi. M ə ş ə d i İ b a d. Mən də onunla dalaşmadım? H ə s ə n q u l u b ə y. Dalaşdın! M ə ş ə d i İ b a d. Siz də bizi aralaşdırmadınız? H ə s ə n q u l u b ə y. Aralaşdırdıq! M ə ş ə d i İ b a d (bərkdən). Bəs bu nə kələkdir ki, Rüstəm bəy mənim başıma gətirir, özü də hələ mənim beş min manat pulumu yeyibdir. H ə s ə n q u l u b ə y. Sən heç qəm eyləmə. İşi düzəltmək asandır. İstərsən mən düzəldərəm! M ə ş ə d i İ b a d. A kişi, atana allah rəhmət eyləsin, düzəlt, düzəlt yoxsa əhvalım çox pərişandır. H ə s ə n q u l u b ə y. Çox gözəl! Onda tez ol, bir beş yüz manat ver, çünki bu işdə bir balaca pul lazımdır. M ə ş ə d i İ b a d (təəccüb ilə). Nə? Beş yüz manat pul verim?! H ə s ə n q u l u b ə y. Əlbəttə, pulsuz olmaz ki!… M ə ş ə d i İ b a d. Ə kişi, vallah, mən dağıldım, mən söküldüm, mən bu qədər pulu haradan alım verim! H ə s ə n q u l u b ə y. Özün bilərsən, amma mən belə güman edirəm ki, beş min manat verən adam, beş yüz də verə bilər, artıq pul deyildir. M ə ş ə d i İ b a d (əlini qoynuna salıb pul çıxardır). Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu! Bu bir yüz, bu iki yüz, bu üç yüz. Özün də mənə iki yüz boşlusan, elədi beş yüz. H ə s ə n q u l u b ə y. Hə!… İndi işi düzəldərəm, ancaq sən bir qəzetçi Rzanı da gör, çünki Rüstəm bəy qəzetədən çox qorxan adamdır. (Baxır). Aha, budur, özü də gəlir. R z a vaqe olub Həsənqulu bəyə baş əyir və Məşədi İbadın yanına gedir. R z a bə y. Salamünəleyküm, Məşədi! A kişi, bu nə əhvalatdır, deyirlər ki, qızın iki adaxlısı var imiş! M ə ş ə d i İ b a d: Ay Rza bəy, səndən bir təvəqqəm var, sən gəl qələmi al əlinə və bu əhvalatı qəzetdə yaz, Rüstəm bəyi biabır eylə, çox təvəqqə edirəm! R z a b ə y. Bağışlayın, Məşədi, mən onu eyləyə bilmərəm! M ə ş ə d i İ b a d. Neyçün? R z a b ə y. Çünki o cür şey mənim məsləkimə müğayirdir, bu iş sənin öz xüsusi işindir, camaata nə dəxli var qəzetdə yazam?! M ə ş ə d i İ b a d. A kişi, vallah, elə bunun özü qəzet əhvalatıdır. R z a b ə y …. Yox, Məşədi. Mən bacarmaram və heç vaxt müğyir-məslək iş görə bilmərəm! M ə ş ə d i İ b a d (əlini cibinə salıb, bir yüzlük çıxardır və guya kağız əvəzinə göstərir.). A kişi; axır bu bir parça kağızı yazmaq çətin şeydirmi? R z a b ə y (pulu görür). Hə!… Bu başqa məsələdir, indi başa düşdüm ki, sən nə deyirsən; yazaram, çox yaxşı yazaram! M ə ş ə d i İ b a d. Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə zad eyləsin….. Adı nədir?!… Siz ona nə deyirsiniz? R z a b ə y. İzhari-nifrət! M ə ş ə d i İ b a d. Hə, hə!… İzhari-nifrət, izhari-nifrət! Bu halda intelligent H ə s ə n gəlir. H ə s ə n b ə y. Sən keçən səfər məni askarbit eləmişsən, zato mən səni suda çəkmişəm. M ə ş ə d i İ b a d. A kişi, sən allah, əl çək məndən. Mənə meymun dedin bəs deyil, sonra da suda çəkirsən?! H ə s ə n b ə y. Xeyr, əl çəkmərəm, gərək sudda cavab verəsən. M ə ş ə d i İ b a d. Ay camaat, mən burda öz həşrimə qalmışam, bu da gəlibdir ki, səni suda çəkirəm! H ə s ə n q u l u b ə y. (Məşədini bəri çəkir). Məşədi, ağzına bir şey ver, rədd olsun! M ə ş ə d i İ b a d. Yəni buna da pul verim? H ə s ə n q u l u b ə y. Bir əlli manat ver, əl çəkər. M ə ş ə d i İ b a d (çıxardır). Ala, ala, rədd ol bas?mdan!… H ə s ə n b ə y. Eto druqoye delo. Ərizəmi geri alaram. M ə ş ə d i İ b a d. Diriqoy, ya qeyri diriqoy…. H a m b a l. A Məşədi, bu qədər xəlqə pul paylıyırsan, mənə də bir abbası ver, belimi sındırbısan! M ə ş ə d i İ b a d. Əşi, rəddə o ol yana, bir sən qalmışdın ki, məni soyasan. (Yüyurür hambalın üstə, hambal qaçır, amma sonra yenə gəlir). H ə s ə n q u l u b ə y. Həzərat! Gəlin bu məsələni müzakirəyə qoyaq. Axı belə iş olmaz ki, Rüstəm bəy eyləyir, bu kişi də axı yazıqdır. Pulu gedir, özü də biabır olur. Gəlin bu saat Rüstəm bəyi bura çağıraq və onunla seryoznı danışaq! H a m ı. Əlbəttə, əlbəttə. Qapını döyürlər. R ü s t ə m b ə y gəlir. M u s i q i Böylə olmaz ki, sən aldadasan bizi, Sən verirsən qızı Özgə adama ərə getsin. (2 dəfə) Bəs bu kişi yazıq necə etsin? (2 dəfə) M ə ş ə d i İ b a d. Alaha and olsun, budur deyirəm: Qızı mənə, qızı mənə gərək verəsən. Verməsən hərgah, eylərəm bədnam, Çünki mən bir adamam, baxmaram bəyə. H a m ı. Böylə olmaz ki, sən…. (i.a….). R ü s t ə m b ə y. Sözün doğrusu, mən qanmıram ki, siz nə deyirsiniz! M ə ş ə d i İ b a d. Necə qanmırsan? Mənim pulumu yeyib, yalandan deyirsən ki, qızı sənə verəcəyəm, amma özgəsinə verirsən. R ü s t ə m b ə y. Kim deyir onu? M ə ş ə d i İ b a d. Öz gözümlə gördüm ki, sənin qızının yanında bir cavan oğlan durubdur, soruşdum ki, ədə, sən kimsən, dedi: mən qızın adaxlısıyam! R ü s t ə m b ə y. Ha, ha, ha!… O kişi zarafat edibdir. Bilirsənmi o kimdir? O qızın öz dayısıdır. Səninlə lotuluq eləyibdir. Sən də inanırsan və bir də (onlara) Həsənqulu bəy, Rza bəy, sizin üçün eyb olsun ki, bu cürə axmaq sözə inanıb, mənim qapıma gəlirsiniz. Mən çox inciyirəm. H ə s ə n q u l u b ə y. Rüstəm bəy, vallah, bağışla bizi, Məşədi İbad yoldan çıxartdı. R z a b ə y. Sən alah incimə bizdən, burada, rus demişkən, nedarazumeniya əmələ gəlibdir. M ə ş ə d i İ b a d (Rüstəm bəyə tərəf gedib, əlindən tutur). Bağışla, bəy, allah səndən razı olsun ki, bizi şəkki-şübhədən çıxartdın. Amma, vallah, əhvalım çox pərişan olmuşdu. Ə kişi, mən deyirəm ki, axı Rüstəm bəy kişidir, belə şey eləməz. Qərəz ki, allah şeytana lənət eyləsin! (Gülə-gülə). Rüstəm bəy mən istəyirəm ki, toyu bu günlərdə başlayam. Nə deyirsən? R ü s t ə m b ə y. Çox da yaxşı olar, nə qədər tez olsa, bir o qədər yaxşıdır. M ə ş ə d i İ b a d. Onda mən bu gün istixarə elətdirərəm, bu yaxın xoş günlərin birində toyumuzu başlarıq. H a m ı. Allah mübarək eyləsin! Məşədi İbad toy hamamında bir yerdə çimək. M ə ş ə d i İ b a d. İnşaallah, bir yerdə çimərik. (Kənara). Bu şərtlə ki, hamam pulu sizdən. H a m ı. Məşdi İbad, çox mübarək olsun! Toyun sənin çox mübarək əst! (2dəfə) M ə ş ə d i İ b a d. Çox cağ olun, çox da razıyam, Zəhmət çəkib iş düzəltdiniz. H a m ı. Məşdi İbad, çox mübarək olsun! Toyun sənin çox mübarək olsun! Çox mübarək olsun, çox mübarək olsun! Olsun, olsun, olsun, olsun!… P ə r d ə * * * Üçüncü məclis Bir h a m a m ı n soyunub-geyinən yerində vaqe olur. Sol tərəfdə (zaldan baxarkən) qapı və pilləkənlər, sağ tərəfdə, küncdə hamamın çimilən yerinə girən qapı var. Ortada hovuz və fantan, üstündən qəndil asılıbdır. Hamamçı Məşədi Qəzənfər sarı kürkə burünüb, bayır qapının solunda öz yerində əyləşibdir. Qabağında manqal, üstündə güvəc, yanında mücrü. Özü də qəlyan çəkir. Ondan bir az sağ tərəfdə dəllək usta M ə h ə r r ə m K ə r b ə l a y ı N ə s i r i n başını qırxır. Bir az o yanda zurnaçılar oturubdurlar. Bir kənarda bir neçə nəfər camadar əllərində qırmızı fitə, balaqları çırmala dayanıbdırlar. M u s i q i H a m ı (oxuyurlar). Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Bir yumurta!… H a m ı. Yaz, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var. M u s i q i Dəllək qırxır, hamamçı qəlyan çəkir. M ə ş ə d i Q ə z ə n f ə r. Həqiqət, hər bir şeyi fikirdən keçirib yenə baxıb görürəm ki, dünyada hamamdan başqa ləzzətli bir yer varsa, yenə hamamdır. Deməyin ki, özüm hamamçıyam ona görə belə danışıram, xeyr! Əşi, adam gərək insaf ilə danışsın: qışın soyuğunda harada qızışa bilərsən? H a m ı. Hamamda!… M ə ş ə d i Q ə z ə n f ə r. Yazın istisində harada sərinləyə bilərsən? H a m ı. Hamamda! M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Əşi, heç kəs! M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə de! U s t a M ə h ə r r ə m. Mən dəlləyəm. Özüm də ömrümün çox vaxtını hamamda keçirmişəm, heç bir belə heyfsilənmirəm. Çünki baxıb görürəm ki, mənim üçün hamamdan başqa heç bir yerdə xoş keçmir. Xalq gedir, adı nədir, o klubda, mənim klubum hamamdır. Xalq gedir teatra, mənim teatrım hamamdır. Əşi, işləyib yorulandan sonra harada istirahət edə bilərsən? H a m ı. Hamamda! U s t a M ə h ə r r ə m. Harda bir parça ləzzət görərsən? H a m ı. Hamamda! U s t a M ə h ə r r ə m. Daha kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Əşi, heç kəs! U s t a M ə h ə r r ə m. Bəs elə, de gəlsin! H a m ı. Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, tez gəl, yerin var. Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Bir papiros, özü də müştük ucunda. (Aparırlar). H a m ı. Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var. Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… M u s i q i K ə r b ə l a y ı N ə s i r (dəllək ülgüc itiləyərkən). Mən özüm bisavadam, amma kitabda yazılanlardan oxuyurdular, mən də eşitmişəm: müsəlman padşahları bir yerdə şəhər salanda ilk əvvəlcə hamam tikdirmişlər, ondan sonra karvansara, ondan sonra məscid. Əşi, insaf ilə danışmaq, tozun-torpağın içində işləyirsən, çirkə-pasağa batırsan, bəs sonra harda təmiz olursan? H a m ı. Hamamda! K ə r b ə l a y ı N ə s i r. Harda pak olursan? H a m ı. Hamamda! K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Əşi, heç kəs! K ə r b ə l a y ı N ə s i r. Bəs belə! M ə ş ə d i Q ə z ə n f ə r. Padşah dedin, yadıma düşdü: əşi, hamam indi hürmətdən düşübdür, qədim zamanlarda hamamın böyük hürməti varmış, bütün şairlər, süxəngulər, nağıl deyənlər, dərvişlər hamısı hamama yığılıb, gözəl-gözəl söhbətlərlə hamam əhlini feyzyab edərlərmiş. Əşi, harada şirin-şirin söhbət eşidirsən? H a m ı. Hamamda! M ə ş ə d i Q ə z ə n f ə r. Harda dünya qayğısını yadından çıxardarsan? H a m ı. Hamamda! M ə ş ə d i Q ə z ə n f ə r. Daha kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Əşi, heç kəs! M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin! M u s i q i H a m ı. Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var!… H a m a m d a n b i r s ə s. Gəl, ey he!… Ab xurdan, içində qəmiş. (Aparırlar). M u s i q i H a m ı. Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var! …. gəl. U s t a M ə h ə r r ə m. Sizin canınız üçün, bir çox naxoşlular var ki, kurs qurtarmış həkimlər dərmanlarından acizdirlər. Amma naxoşu hamama gətirən kimi yaxşı olub sağalır. Ondan əlavə, hamam belə şeydir ki, insana zinət verir, abıra mindirir. Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? H a m ı. Hamamda! U s t a M ə h ə r r ə m. Harda yaxşı baş qırxdırmaq olar? H a m ı. Hamamda! U s t a M ə h ə r r ə m. Harda yaxşı həna yaxmaq olar? H a m ı. Əşi, hamamda! U s t a M ə h ə r r ə m. De, bəs belə! M ə ş ə d i Q ə z ə n f ə r. Həna dedin, yadıma Sədi Əlyəəl-rəhmənin bir şeri düşdü ki, günlərin bir günündə rəhmətlik hamamda çimərkən öz məhbubindən həna alıb, ətrindən bihuş olub və o xüsusda bu şeri deyibdir: Gili-xoşbuyi dər həmmam ruzi Rəsid əz dəsti-məhbubi be dəstəm. Bədu qoftəm ke, mişki, ya ənbəri Ki, əzbuyi-delavizi-to məstəm. Bəqofta mən gili-naçiz budəm Və leykən moddəti ba gün neşəstəm. Kəmali-həmneşin bər mən əsər kərd Və kərna mən haman xakəm ki, həstəm! İnandırıram sizi ki, əgər Sədi Əlyəəlrəhmə hamama gəlməsə idi, heç vaxt bu şeri yaza bilməzdi. Əşi, belə olandan sonra kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Heç kəs! M ə ş ə d i Q ə z ə n f ə p. Bəs belə isə de gəlsin! M u s i q i H a m ı. Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… H a m a m d a n b i r s ə s. Gəl, ey ha!… Qətfə! Gəl apar! Camadarlar qətfə ilə gedirlər. H a m ı. Yay, yaz, qış, bahar isti, sərin var, Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… İçəridən gəlirlər. Bəy hamamdan çıxır. Zurnaçılar çalmağa başlayırlar. Pərdə enir. Amma zurna səsi gəlir. İki dəqiqədən sonra pərdə qalxır. Zurna kəsir. Səhnədəkilər geyinmələrini tamam edirlər. M ə ş ə d i İ b a d yaxasını düymələyir, sonra əlinə aynanı alıb, saqqalına baxır. H ə s ə n q u l u b ə y surtukunu geyir, R z a b ə y varatnikini taxır. H ə s ə n b ə y başını darayır. Ə s g ə r çəkmələrini geyir, h a m b a l patavasını dolayır. Sairələr də kimi başını qurudur, kimi düymələrini bağlayır. M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi İbad, səhhəti-vücud! Allah mübarək eləsin! Oğullu-uşaqlı olasan! M ə ş ə d i İ b a d. Sağ olasan, vücudun bibəla olsun! H a m ı. Allah mübarək eləsin, allah mübarək eləsin! M ə ş ə d i İ b a d (cavab verir. Bir az sonra ayna əlində). Amma deyəsən bu səfər dəllək hənanı yaxşı yaxıbdır, daha ağ tük gözümə dəymir. Ə s g ə r. Maşallah, lap cavan olubsan ki! M ə ş ə d i İ b a d. Cavan olmayanda qoca deyiləm ki…. M ə ş ə d i Q ə z ə n f ə r (bəylərə). Bəydadaşlar, hamam xoşunuza gəldimi? Çünki sizlər bizim hamamlara gəlməzsiniz, ona görə soruşuram. H ə s ə n q u l u b ə y. Mən çoxdandır ki, töbə eləmişdim, ömrüm olanı müsəlman hamamına getməyim, amma Məşədi İbadın xatirəsi yanımda o qədər əzizdir ki, töbəmi sındırıb məhz onun xatirəsi üçün bu hamama gəldim. Gəldim də…. Heç, daha keçibdir. M ə ş ə d i Q ə z ə n f ə r. Bəs belə! R z a b ə y. Hərgah mən bir papaq alaydım və o papağa beş yüz otuz altı manat pul vermiş ola idim və bir nəfər də o papağı mənim başımdan götürüb müsəlman hamamının içinə tollaya idi, mən papaqdan əl çəkərdim, amma hamama girməzdim. Lakin Məşədi İbada söz vermişdim deyə, daha sözümdən qaça bilmədim. M ə ş ə d i Q ə z ə n f ə r (sınır). Bəydadaş, guya mənim hamamım murdardır? İçində urus çimir, erməni çimir, yəhudi çimir?! R z a b ə y. Rəhmətliyin oğlu, girirəm xəznəyə, bilmirəm ki, bu içində çimdiyim sudur, neftdir, həlimdir, yoxsa bozbaşdır. Həzərat, vallah, sabah bunu mən qəzetimdə yazaram. Belə eləməyin! H ə s ə n q u l u b ə y. Əşi, insafdır, o xəznəyə mən də girim, bu hambal da girsin? (hambalı göstərir). H a m b a l. Bəy, məgər hambal hamamda çimməz, bəs hambalın canı can deyil? H ə s ə n b ə y. Rza bəy prav. Doğrudan, mən də xəznəyə girib bilmədim ki, sudur, yoxsa ayrı bir jidkostdur. (Həsənqulu bəyə). No vı, vı rassujdayete kak burjuy! Necə yəni mən də girim, hambal da girsin, məyər hambal da sənin kimi adam deyil? H a m b a l. Əlbəttə, adamam! H ə s ə n b ə y. Onun da iki qulağı var, sənin də! H a m b a l. Əlbəttə, iki qulağım var, bə nədi? H ə s ə n b ə y. Onun da bir burnu var sənin də! H a m b a l. Əlbəttə, bir burnum var, bə nədi? H ə s ə n b ə y. Yedinstvennaya raznitsa bundadır ki…. H ə s ə n q u l u b ə y. (sözünü kəsir). Bilirsən nə var, Həsən bəy! Sən keçən səfər Məşədi İbadla savaşdın, yenə də o bir evin içində oldu ki, heç kəs bilmədi, amma bura hamamdır, özün bilirsən ki, obşestvenni yerdir, təvəqqə edirəm ki, burada savaşmayasan. H ə s ə n b ə y. Net, mən kak istinnıy narodnik protestuyu! Bunlar, R z a da iştirak edir,əllərilə işarələrlə danışıb bəhs edirlər. M ə ş ə d i İ b a d (adamları nəzərdən keçirməklə sayır). Görəsən bunların hamısını hamam pulunu, inşaallah, mən verəcəyəm, hə?… Bu bahalıqda bir bu qədər hamam pulu heç bilirsən neçə elər? Görüm, hamamçını bir nokələkləyə bilərəmmi? H ə s ə n q u l u b ə y. (münaqişəyə davam edərək). Da ostavte menya v pokoye! H ə s ə n b ə y. Net! Ya doljen protestovat. R z a b ə y. Əşi, ayıbdır hamamın içində…. H ə s ə n q u l u b ə y. Da protestuyte, skolko xotite! H ə s ə n b ə y (bərkdən). Ya ne pozvolyu, çtobı…. Ə s g ə r, R z a tez durub bunların aralarına girirlər ki, aralaşdırsınlar. M ə ş ə d i Q ə z ə n f ə r. Bunların hamısı, görünür ki, mənim xəznəmin suyunun təsirindəndir. M ə ş ə d i I b a d (onlara). Bura bax, a!… Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, müftə çimibsiniz, hələ bir durub cəncəl də salırsınız? Eyibdir ki…. (Sükut; hamamçıya müraciətən). Məşədi Qəzənfər, sənin yadına gəlməz; çünki çox kiçikdin, mən ilk toy eləyəndə ki, mərhum Kərbəlayı Murtuzanın qızı, rəhmətlik Sonanı almışdım, toy həmin bu hamamda oldu. O zaman sənin oturduğun yerdə rəhmətlik sənin atan Məşədi Səməndər əyləşmişdi. Çıxanda durdum pul verməyə, dedi: ayıbdır ki…. Nə qədər eylədim, pul almadı, yalvardım-yaxardım, almadı ki, almadı…. Qərəz, rəhmətlik çox gözəl kişi idi…. Hamı bir-bnrinə baxıb himləşir. M ə ş ə d i Q ə z ə n f ə r. Heç mənim özümü demirsən…. Keçən həftə bizim Məşədi Muxtarın toyu idi ki, mənimlə bərk aşnadır. Gəldilər hamama, gedəndə nə qədər eylədi, pul almadım, dedi inciyərəm səndən, dedim mən də inciyərəm səndən, almadım. Yanında lap bu Həsənqulu bəyə oxşayan bir nəfər bəy var idi. Çıxartdı cibindən iki dənə yüzlük üstümə atdı, istədim almayam, razı olmadı. Əlli manat dəlləyə verdi. Camadarların hərəsinə on manat naçay bağışladı; onun sabahı bir də görüm ki, bir dəst yaxşı libas, iki kisə əla həna, bir kəllə qənd və bir dənə şirniyyat xonçası gəlibdir. Bunu da toy sahibi Məşədi Muxtar göndərmişdi. Axşam da ki, toyda idik. Qərəz, çox canfişanlıq oldu. B ə y l ə r himləşib gözləşirlər. H ə s ə n q u l u b ə y. (Həsən bəyə). Vı vezde umestno, neumestno lezite sporit. R z a b ə y. Yenə başladılar ki…. H ə s ə n b ə y. Ya ne moqu, ja doljen protestovat, ja çelovek s ubejdeniyem. H ə s ə n q u l u b ə y. Da vı, prosto obmanşik i vse! H ə s ə n b ə y (bərkdən). Çto? Vı menya oskorblyayete? H ə s ə n q u l u b ə y (o da bərkdən). Da oskorblyu! Ara qarışır, R z a, Ə s g ə r, sair qoçular qalxıb, onları aralaşdırmaq istəyirlər. H ə s ə n b ə y. V takom sluçaye ya uxoju i potrebuyu udovletvoreniye za oskorblenie. (Gedir). R z a b ə y (onun dalınca). Həsən bəy, Həsən bəy, hara gedirsən, bir dayan. (O da onun dalınca gedir). H ə s ə n q u l u b ə y. (kefsiz)Həzərat, bagıslayın, xudafiz!… (Gedir). Ə s g ə r (onun dalınca). Əşi, bir dayan görək, bu saat hamımız gedirik! Gedir, adamları da onun dalınca çıxırlar. Qalır hamam əhli ilə M ə ş ə d i İ b a d və h a m b a l. M ə ş ə d i İ b a d (kənara). Lotular pul söhbətini eşidib qaçdılar. Yox, mənim kələyim baş tutmadı! M ə ş ə d i Q ə z ə n f ə r. Məşədi, sənin bu aşnaların nə hirsli adamlardır? M ə ş ə d i İ b a d. Havanın təsirindəndir. (Ona). Qərdəş oğlu, haqq-hesabımız neçə elədi? M ə ş ə d i Q ə z ə n f ə r. Daha onu soruşmazlar ki, toy hamamıdır, neçə verirsən ver, istərsən mən də atam kimi səndən heç zad almayım…. M ə ş ə d i İ b a d. Xeyr, çox sağ ol!(Kənara). O, mənə baha oturar. (Pul çıxardır verir). Bəsindirmi? M ə ş ə d i Q ə z ə n f ə r. Bəsdir, allah bərəkət versin! M ə ş ə d i İ b a d (camadarlara). Balam, ala, bu da sizin! Bunu da içəridəkilərə verərsiniz. C a m a d a r l a r. Çox sağ ol, Məşədi! Allah bərəkət versin! H a m b a l. Məşədi, abbasını vermədin, ha!… M ə ş ə d i İ b a d. Adə, get gör bunlar necə oldu. Deyinən ki, qorxmayın; hamam pulu verildi, gəlsinlər bəyi hamamdan çıxarsınlar. (Zurnaçılara). Balam, siz də bir şey çalın, camaat yığılsın hamama, çıxaq gedək. Z u r n a ç ı l a r çalırlar, bir qədər keçmiş çıxıb gedənlər h a m ı s ı geri qayıdırlar. M ə ş ə d i İ b a d, (durur). Ya allah!… H a m b a l kömək edib düşürür aşağı. Zurnaçılar da qabaqda çala-çala çıxıb gedirlər. H a m a m ç ı, d ə l l ə k M ə h ə r r ə m, K ə r b ə l a y ı N ə s i r və c a m a d a r l a r yerlərində qalır, yenə də əvvəlki sayaqda olurlar. M ə ş ə d i Q ə z ə n f ə r. Bu urusbabılar heç ildə bir dəfə hamama getməzlər, qüsl-təharət nə olduğunu bilməzlər, gəlib burda mənim hamamımı pisləyirlər. Əşi, bir insaf ilə danışaq: harda yuyunub təmiz olarsan? H a m ı. Hamamda! U s t a M ə h ə r r ə m. Harda suya batıb çıxa bilərsən? H a m ı. Hamamın xəznəsində. K ə r b ə l a y ı N ə s i r. Daha kim deyə bilər ki, hamam pis şeydir? H a m ı. Əşi, heç kəs! M ə ş ə d i Q ə z ə n f ə r. Bəs elə isə de gəlsin! M u s i q i H a m ı. Hamamın içində, içində də çölündə (2 dəfə) Yay, yaz, qış, bahar isti, sərin var. Dövlətli, kasıb, gəl, gəl, yerin var, Dövlətli, kasıb, tez gəl, yerin var, gəl!… M u s i q i (U s t a M ə h ə r r ə m l ə M ə ş ə d i Q ə z ə n f ə r kürkünü salıb oynayırlar, camadarlar da çırtıq vururlar.) P ə r d ə * * * Dördüncü məclis M ə ş ə d i İ b a d ı n evində vaqe olur. Toy məclisidir. Q o ç u Ə s g ə r "Padşah" olub, yuxarı başda əyləşibdir. Səhnədə olanlar: H ə s ə n q u l u b ə y, R z a b ə y, Ə s g ə r və qonaqlar. Pərdə qalxır. Oyunçu qız ləzginka oynayır. Bəəd çıxıb gedir. Ə s g ə r. Mən tar çalana əmr edirəm ki, bir "Roza" havası çalsın, Həsənqulu bəy durub oynasın! H ə s ə n q u l u b ə y. (ayağa durur). Padşah sağ olsun, vallah, mən oyun bilmirəm, məni bağışla! Ə s g ə r. Çəkin onu ortaya, bir-iki qırmanc vurun! (Nökərlər Həsənqulu bəyi çəkib oynadırlar. Bəədə haman qərar ilə Rza bəy oynayır). Çəkin buraya Məşədi İbadı! Bəy gərək toyunda oynasın ki, ucuzluq olsun. O biri otaqdan M ə ş ə d i İ b a d ı gətirirlər. Məşədi İbad "Mirzəyi" havasını oynayır. H ə s ə n q u l u b ə y. Balam, dəxi vaxtdır, gedək gəlini gətirməyə. H a m ı. Bəli, vaxtdır. (Ayağa durub hamı gedir). M ə ş ə d i İ b a d (daxil olur). Türkdə bir məsəl var: deyərlər ki, hər gözəlin bir eybi olar. Qonaqlar bu evdə olanda mən o biri otaqda səhərdən bəri fikirdə idim ki, ayə, mənim eybim nədir? İndi bilmişəm ki, mənim bir eybim varsa, o da eybsizliyimdir. Hərçənd bu çox nazik mətləbdir, amma həqiqətdə də belədir ki, var. Hərgah mənim bir danə eybim olsaydı, xalq deyərdi ki, zərər yoxdur, hər gözəlin bir eybi olar. Amma indi mənim heç bir eybim yoxdur, ona görə də heç kəs mənə gözəl demir. Bütün məsələ bundadır. Vəssəlam…. Hər halda qız nə qədər gözəl olsa da bir o qədər mənə baha oturdu: beş min manat Rüstəm bəy və toy xərci, beş yüz manat Həsənqulu bəyə rüşvət, yüz manat Rza bəyə rüşvət, əlli manat Həsən bəyə rüşvət, bir abbası hambala müzd, dörd yüz manat…. Əşi, hesab eləməsəm yaxşıdır! Daha ürəyim xarab olur. Amma pis geyinməmişəm, ha!… (Ətrafına baxır və dalını görmək üçün fırlanır və sonra bir yerdə əyləşir). Bəli, qız gəlsin görək nə olacaqdır. (Zümzümə eylzyir): Şəb əsl şəhido şəmo şərabo şirini, Ğənmət əst ke, şəbi ruyi dustan bini! Qız gəlsin, amma mən bir şeydən qorxuram ki, evdə oturmağa hövsələsi gəlməsin, çünki o cürə evdə böyümüş qız bir az kəmhövsələ olar. (Acıqla). Ağzı nədir! Vallahi, bax bu gündən bir yekə qıfıl alacağam. Səhər durub dükana gedəndə qapını qıfıllayıb, açarını aparacağam ta axşam qayıdana qədər, qoy qalsın evdə, evə öyrəşsin; pəncərələri də daldan taxta ilə vurduracağam. Çox da o yan-bu yan eyləsə, döyəcəyəm, çünki arvad ki, döyülmədi, xarab olar; arvad ərindən nə qədər kötək yesə bir o qədər ərin çox istəyər. Mən bunu qabaqlarda çox təcrübə eyləmişəm. Rəhmətlik Sonaya bir kərrə bir yumruq nə tori saldımsa, iki saat nəfəsini ala bilmədi; o idi ki, məni görən kmi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir sillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərrə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma bir ağac ilə elə çəkdim ki, o qaçan oldu ki, qaçdı! Bu da o yan-bu yan eyləsə budur, onun canıdır. (Yumruq göstərir. Bu əsnada daldan: "allah", "allah" səsi gəlir, zurna çalınır). Paho, gəlin gəldi, mən qaçım! Qaçır o biri otağa. G ə l i n i gətirirlər. S ə n ə m dəxi gəlin ilə içəri girir. B i r i s i. Aha, de gəlin bəri çıxın! Sənəm, sən də bu biri otağa gəl. Hamı çıxır, tək gəlin qalır. M u s i q i M ə ş ə d i İ b a d (daxil olur). Mən nə qədər, nə qədər qoca olsam da, Dəyərəm min cavana…. (və i.a. oxuyur). X a n ı m, ay xanım, zəhmət çək, başından çarşabı qoy yerə, sənə canım qurban! Çarşabın içindən gəlin əvəzinə S ə r v ə r çıxıb, əlindəki siğarı tapança kimi uzadır M ə ş ə d i İ b a d a tərəf. M ə ş ə d i İ b a d. Vay!… (deyib çökür). S ə r v ə r. Səsin çıxdımı, başına bir güllə vuracağam! Tez ol, bir kağız-qələm götür! M ə ş ə d i İ b a d (qorxu ilə). De qoy tap?m da!… (Stolun üstündən kağız-qəldm götürür). Bəs indi nə qayırım? S ə r v ə r. Otur, bu saat mən deyəni yaz, tez ol, yoxsa vurdum gülləni! M ə ş ə d i İ b a d. Yazım da, vallah, bu saat yazım! S ə r v ə r Yaz! (Bərkdən deyir). Mən, Məşədi İbad Kərbəlayı Xocaverdi xan oğlu…. M ə ş ə d iİ b ad. Vaxsey!… Atamın adını da bilir! S ə r v ə r. Danışma, yaz, yoxsa odlaram səni! M ə ş ə d i b a d. Vallah, danışmıram, yazıram, sonra? S ə r v ə r. Rüstəm bəyin qızı Gülnaz xanımı almaq istəmirəm. M ə ş ə d iİ b a d. İstəyirəm…. S ə r v ə r (acıqlı). İstəmirəm!… M ə ş ə d iİ b a d. Yaxşı, istəmirəm, istəmirəm!… S ə r v ə r. Və təvəqqə edirəm ki, onun kəbini geri oxunsun. M ə ş ə d i İ b a d. Bunu kim təvəqqə edir? S ə r v ə r. Yaz mən deyəni, yoxsa beynini toz eylərəm! M ə ş ə d i İ b a d. Yazıram, yazıram, sonra? S ə r v ə r. Və onun əvəzində qulluqçu Sənəmi alıram, yazdınmı? M ə ş ə d i İ b a d. Yazdım…. S ə r v ə r. De qol qoy! M ə ş ə d i İ b a d. Vaxsey!… Bəs mənim pullarım…. S ə r v ə r. Qol qoy, yoxsa partladaram səni. (Qol qoydurur). İndi tərpənmə! M ə ş ə d i İ b a d. Tərpənmirəm. S ə r v ə r. Danışma! M ə ş ə d i İ b a d. Danışmıram. S ə r v ə r dal-dalı gedib S ə n ə m i gətirir. S ə r v ə r. Bax bu sənin arvadındır. (Dal-dalı gedir). İndi tərpənmə! M ə ş ə d i İ b a d. Tərpənmirəm. S ə r v ə r. Danışma! M ə ş ə d i İ b a d. Danışmıram. S ə r v ə r birdən dönüb cəld qaçır. M ə ş ə d i İ b a d (çığırır). Ədə tutun, ədə qoymayın. Ay, tez olun, qaçdı! Ədə, bu nə iş idi mənim başıma gəldi, ay tutun, ay qoymayın!… C a m a a t hamısı dolur içəri, səs-küy düşür. H ə s ə n q u l u b ə y. Ədə, bir dayan görək nə olubdur. Məşdi İbad, nə olub, nəql eylə görək! M ə ş ə d i İ b a d. Əşi, siz bu gəlini gətirəndə bir baxmadınız görək, bu kişidir, yoxsa arvaddır? H a m ı. Bu nə əcəb sözdür?! Həlbəttə, gəlin arvad olar! M ə ş ə d i İ b a d. Amma bu gəlin kişi çıxdı. Rüstəm bəy mənim evimi yıxdı, qızın əvəzinə mənə kişi göndərdi. O da qaçdı getdi. H a m ı. Paho!… Bu nə işdir ki, o görübdür, belə də adam aldatmaq olarmı? B i r i s I. Bəs nə tövr olsun, neyləməli? H ə s ə n q u l u b ə y. Məşədi, bir əlli manat ver, gedim bu saat qubernatoru buraya gətirim? Razısan? M ə ş ə d i İ b a d (azarlı kimi). Yox…. R z a b ə y. Məşədi, iyirmi manat ver, bu saat qəzetdə Rüstəm bəyi biabır eyləyim, razısan. M ə ş ə d i İ b a d. Yox…. Ə s g ə r. Məşədi, bir otuz manat ver, gedim Rüstəm bəyin beyninə bir patron çaxım, razısan? M ə ş ə d i İ b a d. Yox…. H a m ı. Bəs nə eyləməli? M ə ş ə d i İ b a d. Gedin qazıya deyin ki, bu arvadın kəbinini mənim üçün kəssin! H a m ı. Ha!… Bu başqa məsələdir. Nə eləmək: o olmasın, bu olsun, heç pis deyildir. M u s i q i H a m ı. Gedin, gedin, qazıya deyin, Qoy kəbini kəssin. (2 dəfə) (Sənəmə) Məşədiyə arvad edək, Razısan? S ə n ə m. Hə! … hə!… H a m ı (Məşədi İbada). Razısan? M ə ş ə d i İ b a d. Hə! … hə!… H a m ı Razısız? M ə ş ə d i İ b a d və S ə n ə m Hə! … hə!… H a m ı. Bəs gedək biz? M ə ş ə d i İ b a d. Gedin, gedin, qazıya deyin, Qoy kəbini kəssin.(2 dəfə) (Sənəmə) Səni mənə arvad edə, razısan? S ə n ə m. Hə!… Hə!… M ə ş ə d i İ b a d (xora). Razısız? X o r Hə Hə!… Razıyıq!… Hə, Hə!… Bəs gedək biz? Bu əsnada səhnənin dal pərdəsi qalxır, S ə r v ə r ilə G ü l n a z hündürdə dayanıb görünürlər. Tar çalınır. S ə r v ə r (bayatı-qacar oxuyur). Yetdim vusalına yarın, çəkdim əzabını, Aşiqsə vəsl yolunda verər, əlbəttə, canını. G ü l n a z. Çün qalxdı pərdə, əyan oldu hər kəsə, Məşuqə aşiqə vasil edər əlbəttə canini. H a m ı (Məşədi İbada). Sən qoca, qız cavan, Səndə yoxdur eşq odu. Sərvərindir eşqi, Sənə olmaz heç meyli. (2 dəfə). M ə ş ə d i İ b a d. Yanıma gəl, arvad, yanıma gəl, Yanıma gəl, et məni şad!… (2dəfə) H a m ı. Pulunu verdin sən, Məşədi İbad, Əlinə düşdü dul arvad, Qəm yemə hərçi badəbad, Olmasa o, bu olsun!… P ə r d ə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-o-olmasin-bu-olsun İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.