Rüstəm və Söhrab Üzeyir Hacıbəyov (1885–1948) Rüstəm və Söhrab (Firdovsidən) Dörd məclisli opera sayağında yazılmış bir dramdır Əfradi əhli-məclis Rüstəm – məşhur İran pəhləvanı, 40 yaşında Söhrab – onun oğlu, 15 yaşında Təhminə – Rüstəmin övrəti, Səməngan padşahının qızı, 20 yaşında Səməngan padşahı – 45 yaşında Keykavus – İran padşahı, 45 yaşında. Hüceyr – əsir, 35 yaşında Vəzirlər, qoşun, xor və qeyriləri * * * Əvvəlinci məclis Vaqe olur Səməngan padşahının evində. Padşah oturub, vəzirlər də yanında. Bu əsnada bir qoşun nəfəri daxil olub rast oxuyur. Bir nəfər Sağ olsun padşahımız çox Xəbər gəldi qarovuldan Budur bir pəhləvan tənha Gəlir dağda bizə sarı (sükut) Əlində tiğü bürrandır Qolunda qanlı qalxandır. Deyirlər ki, bu surətlə Ki Rüstəm pəhləvandır o. (Hamısı bir yerdə oxuyurlar. Musiqi) Xor Əyər Rüstəmsə o, Əyər Rüstəmsə o, Bizə yoxdur aman Nədir qəsdi onun Ki tək-tənha gəlir. (Padşah rast oxuyur.) Padşah Yığılsın hər nə var əsgər Düzülsün həm qoşun səf-səf Gərək Rüstəm cəlal ilə Qəbul olsun imarətdə. (Padşah və hamısı gedirlər. Sonra Təhminə daxil olub “Bayatı-Şiraz” oxuyur.) Təhminə Arslan simalı yar eşqilə xumar olmuşam, Rüstəm adlı arslana aşiqi zar olmuşam, Etməyə nəzara bülbül tək güli ruxsarına Ah həsrətlə dəmadəm didə xumbar olmuşam. Ey təbibi-haziqim gəl bir dəva qıl dərdimə Yox əlac sənin eşqində bimar olmuşam. Ey səbah, cənanımın ver bir surağı zülfünü Lütf qıl billah əsiri-eşqi dildar olmuşam. (Təhminə gedir. Marş çalınır. Rüstəm və qeyriləri daxil olur.) Xor Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən (2) Bizləri eylədin sən sərəfraz (2) Bir belə sən bizə etdin lütfi təvazöh Xoş gəldin bizə Rüstəm, xoş gəldin sən. (2) (Rüstəm rast oxuyur.) Rüstəm Mənəm Rüstəm ki qeyzimdən bütün məxluq lərzandır Atam seyf, anam qalxan, məkanım qanlı meydandır Şərabım ruzi dəvada olur düşmənlərin qanı Kəməndimdən xilas olmaz əgər kim şiriğərrandır Küdurətlə dolub qəlbim itibdir Rəxş rəxşanım Mənə hər kəs xəbər versə ona bəzmim firavandır. (Təsnif) Rəxşim, Rəxşim şiri-jəyanım Sənsiz olmaz rahat canım Rəxşim, Rəxşim ahu maralım Sənsiz gəlməz səbrü qərarım. Xor Hər yerdə dəvadəsən Düşmənlərə qalibsən Heç kəsə olmaz kim cürət, Rəxşim, Rəxşim (2) Canın edə bəxş, canın edə bəxş. Padşah Gəl ey aləmdə fərzanə Ki sənsiz gəlmişik canə Bizim bu bezmi-şahanə Səfa gəldin, səfa Rüstəm Nədən tərk etdin İranı Diyarı qürbətə gəldin Şücaət qeyrətin kanın Dilirü əjdaha Rüstəm Əgər sən olmasan İran Yəqin eylə olur viran Bizə gəl olginən mehman Sərvi vəfa Rüstəm. (Musiqi) Xor Sənə yoxdur heç kəs Ola bilsin həmta Girə bilsin cəngə Meydana tək-tənha. (Musiqi) Budur işdə meydan. (Musiqi) Düzəlibdir min can Hər biri bir arslan. (Musiqi) Edə bilməz heç kəs cürət Qədəmin qoysun. (2 dəfə) Rüstəm İtibdir Rəxşi Rəxşanım Ki qəmdən inciyib canım Gərək Rəxş olsun Ki etsin canımı rahət. Padşah Bütün dünyanı axtarram Sənin Rəxşini tapdırram Günahkarın başın vurram Nədir qəm çəkməyə hacət. Gedək biz Rəxş dalınca Sən ol rahət bu İranda Tapıb Rəxşi gətirdirrəm Əyər olmuşsa hər yanda. (Musiqi) Xor Sənə yoxdur heç kəs Ola bilsin həmta Girə bilsin cəngə Meydanə tək-tənha. Rüstəm Budur iştə meydan. (2) Xor Budur iştə meydan. Rüstəm Düzülübdür min can. Xor Düzülübdür min can Hər biri bir arslan. Rüstəm Edə bilməz heç kəs cürət Qədəmin qoysun. Xor Edə bilməz heç kəs cürət Qədəmin qoysun. (Hamısı gedirlər, Rüstəmi yuxu tutur, Təhminə yavaş-yavaş daxil olub kürd-şahnaz oxuyur.) Təhminə Bəski dərdi, qəmi eşqində pərişan oldum Pəhləvanım, belə axir ürəyi qan oldum. Hər gələn söylədi avareyi nami nəsəbin Mən də nadidə sənə aşiq nalan oldum Həsrətin canda çəkirdim, neçə vaxt yarım Şimdi görcək səni pek valehi heyran oldum Dedilər adını Rüstəm mənə təsir etdi Bənd olub adına kim həsrəti didar oldum. (Təsnif) Aldı məni eşqi dərdi saldı bir müşkül işə Olmadı bir çarə səndən yandı qəlbim atəşə (2) Görməmişdim aşiqindim görmüşəm kim qurbanım Getdi əldən tabü taqət yandı canım atəşə (2) Dur əlac et mən fəqirə qoyma zari giryanam Dut əlimdən qoyma zinhar yandı canım atəşə. (Rüstəm oyanıb təəccüblə baxıb şur ilə oxuyur.) Rüstəm Kimsən ey meh, belə xurşid kimi rəxşansan Mənə bu şihridə bir canalıcı canansan Gər desəm huri sənə huri yer üzrə olmaz Ya perisən sən haşa demərəm insansan Vəh nə ziba nə gözəl ahu baxışlı dilbər Bu vəcahətlə yəqin padşahi xubansan De adın bircə mənə getdi qərarım əldən Mən sənə valehi şeyda nə sən heyransan (Təhminə simayi-şəms oxuyur.) Təhminə Sənə ey şiri jəyan sevgili bir dildaram Aşiqi namin olub eşqinlə xumbarım Şükr lillah səni gördüm ürəyim şad oldu. Möhnəti hicri çəkib vəslinə minnətdaram. Rüstəm Mənə sən aşiq olubsan, bunu bildim söylə Kimsən a, mənzilimə sən necə gəldin söylə. Təhminə Mənəm ol şah qızı ismim kim Təhminə Söyləyir hər bilən amma yüzmi kimsə Görməyibdir görə bilməz sən ancaq Rüstəm Eylədim faş bu sirri bunu əfv eylə mənə. (Təhminə – təsnif oxuyur, yıxılıb diz üstə) Elə gəl Rüstəm sən məni qəbul (2 dəfə) Rədd etmə Təhmineni sən. Layiq bilməsəm gər özümü mən (2) Qoymaram olam mən məqbul. Rüstəm Dur ayağa ey nazlı dilbərim Eyləmə məni xəcalət. (Qucaqlaşırlar.) Qoy mən sənə öz canımı verim (2) Söz söyləməyə nə hacət. (Bazubəndi verir.) Rüstəm (şur ilə) Budur Təhminə məndən bu bazubəndi al saxla Əyər oğlan əta olsa onu bazusuna bağla Əyər davada mən görsəm bu bazubəndi bir kəsdə Odur oğlum deyib bağrıma basmaqdır xəyalımda. (İkisi bir yerdə təsnif oxuyurlar.) Allah eyləsin o günlər olsun (2 dəfə) Qəlbimiz şadlıq ilə dolsun. (2 dəfə) (Qucaqlaşıb qalırlar.) Pərdə * * * İkinci məclis (Yenə vaqe olur həmən otaqda. Söhrab bidamağ anasının qabağında durub, şüştər oxuyur.) Söhrab Sinnim əyər azdır, ey anacan Amma özüm əjdahayi-dövran Davaya əgərçi qılsam ahəng Kimdir ki, mənimlə eyləsin cəng Söhrabi qəzənfəri-dilirəm. Dava günü bir acıqlı şirəm Amma ki sən ey xəstəcə madər Lütf et mənə doğrusun xəbər ver Məndən sorur hər görən atamı Kəşf eylə mənə nədir nişanu namı. Könlümdə görə ah iştiyağın Ver nami nişan tapım surağın. (Təhminə təsnif oxuyur. Musiqi) Təhminə Söhrabım, bu sirri mən sənə Kəşf edim yeməyəsən heç qəm Sən deyirsən kim atan kimdir Səndən soruşur hərdəm Bilginən oğlum atan sənin Hər yerdə məşhurudur Rüstəm. (Söhrab bayatı-kürd oxuyur.) Söhrab Ana, ana, nə deyirsən məgər o Rüstəm-Zal Ki şöhrəti tutmuş cahanı mala-mal Mənim atam əgər o şiri qərrandırsa Yararmı kim ola pünhan mənə bu əhval Mənəmsə mən gedirəm atam məni gözlər Mənim məkanım o meydandır ana salamat qal. Təhminə Kaş oğlum deməyəydim bu sözü mən sənə kaş Etməyəydim bu qədər saxladığım sirri faş Sən gedirsən məni bəs neyləyirsən, ey oğlum Sən gedirsənsə gözümdən axacaqdır qan, yaş. Söhrab Nə edim bəs anacan, qalmış atam tək-tənha Gözlüyür kim gələcəkdir onun oğlu Söhrab. Təhminə Qorxuram gər səni cəngə buraxsam oğlum Qalmıya məndə dözüm zərrə qədər taqət-tab. (Söhrab qatar oxuyur.) Söhrab Çəkərəm xəncərimi hər tərəfi qan edərəm Görsəm gər atamı cismimi qurban edərəm Çəkmə qəm ey anacan, mən gedirəm davaya Ad alıb, san qazanıb, aləmi heyran elərəm. (Rasta enir.) Yorulubdursa atam cəngü cidaldan hərgah Mən ona imdad edib düşməni giryan edərəm. (Padşah, vəzirlər, xor daxil olurlar, Şah “Mahuri-hindi” oxuyur.) Padşah Bu güftuguyə səbəb söylə bir nədir, Söhrab Neçin Təhminənin halı olubdur xərab Yararmı incidəsən qəlbini ta kim ola da əzab. Söhrab Əfv qıl şah babacan, madərimi incitməm Mən ki, ədabə muğayir hərəkət heç etməm Qəsdim ancaq ki, budur öz atamın yanına mən Gedibən canımı qurban eləyim canına mən Bilmişəm Rüstəmi-Zal nə olmuş getməm İzn ver sən də, anam da mənə, ey şah babacan Ta gedim bir görüm o şiri-jəyan Rüstəmi mən. Şah Get bala, get sənə mən getməyə rüsxət verdim Görgünən Rüstəm-Zalı pədərindir o sənin. (Təhminəyə) İzn ver, Təhminə, sən də nəyə lazım giryə Qoy oğul görsün atasın ki, ərindir o sənin. (Vəzirlərə) Söyləsinlər qoşuna hazır olun meydanə Hər nə var tiğü kaman, nizəyi-xəncərlə belə Eyliyir əzmi səfər Rüstəm-Zal oğlu bu gün Görəcəkdir atasın cəng edəcək mərdanə. (Qoşun daxil olur, marş ilə oxuyur.) Xor Cəng əhliyiz biz – cəng əhliyiz biz Cəng əhliyiz biz – cəng əhliyiz biz. (2 dəfə) (Söhrab davaya hazır olub, anası ilə əlvida eləyir.) Söhrab Səlamət qal anacan həlal et oğlunu bəlkə Gedər-gəlməz olur rahim deyil ovdet mənə qismət Könlümdə bir arzum vardır, görüşməkdir atam ilə Qəm etmə, ağlama billah nə lazım bir belə möhnət Xudahafiz, xudahafiz məni gözlər qoşun əhli Gedək meydanə yüz tutduq görək neylər qəza qüdrət. (Təhminə təsnif oxuyur. Musiqi) Təhminə Oğul rəhm et – qoyma məni Necə qalım – mən sənsiz Sən gəlincə – mən dözmərəm Necə qalım – mən sənsiz. (Ağlayır.) Söhrab Ana, ana – sən qəm çəkmə Rahət yaşa – sən mənsiz. (Marş çalınır, “Cəng əhliyiz biz” oxunur, pərdə düşür.) Pərdə * * * Üçüncü məclis (Vaqe olur Keykavusun bargahında; təxtə əyləşmiş, vəzirlər yanında, musiqi çalınıb bazəndələr oynayırlar. Bir qədərdən sonra xor daxil olub təzim edir.) Keykavus Nə vardır kim pərişansız Nədir bais ki heyransız Edin agah məni Edim yox düşməni Deyin nolub Sizə etmiş əsər. (Musiqi) Xor Rüstəmin oğlu Söhrab Kimsə etməz ona tab Cəngə əzm eyləmişdir Xeyli qoşun çəkmişdir Qəsd etmiş İrana Qoysun onu virana İntiqam alsın ondan Qanına etsin qəltan Əmr vercək qoşun Dəf eylə düşməni Sən çağır tez gələr Pəhləvan Rüstəmi Cəngə, qoy Rüstəm getsin Oğlunun dəfin etsin Əvvəl ol davada Qətl etsin Söhrabı. Keykavus (fikirli) Göndərin-göndərin Rüstəmi çağırsınlar Qoşuna əmr olsun cəngə Qoşuna əmr olsun cəngə. (Qıza) Yanıma gəl, dilbər, yanıma gəl Yanıma gəl et məni şad. (2 dəfə) (Musiqi çalınır, qız oynayır, sonra Rüstəm daxil olur.) Keykavus Nə cürət etdin, ey Rüstəm Hüzuri şaha gec gəldin Əcəb bu cür rəftarı Mənimçün sən rəva gördün Mənəm Keykavus ol şəh kim Bütün İran edər səcdə (2 dəfə) Xilaf əmrim olmaqda Nə cürət var bir kəsdə Nə lazım sən kim əlindən bir şey gəlməz Sənin tək pəhləvanlarım mənim çoxdur bunu bil Sən hüzurumdan çəkil. (2 dəfə) (Musiqi) Xor Ey padşah – rəhm eylə bizə Qoyma düşmənə – ta olaq fəda. (Rüstəmə) Ey pəhləvan – rəhm elə bizə Qoyma düşmənə – ta olaq fəda. Rüstəm Bəsdir, ey şah, bu qədər qeyzidə tüğyan etdin Gəlməyimdən məni bu şəhrə peşiman etdin. Hamı işlər sənə dünyada bu gün təng olmuş Əjdaha tək dəminə çun səni Söhrab almış Bedtər olmuş belə gün gündən işlər dünyada Olmasam mən gedəcək taxtilə tacın badə Mənəm ol Rüstəmi dəstan ki, ismi-pakim Külli dünyanı tutub, sən kimidən yox bakim. (İstəyir getsin, padşah saxlayıb deyir.) (Musiqi) Keykavus Rüstəm, gəl barışaq (2 dəfə) Lazımdır ittifaq. (2 dəfə) Xor Rüstəm, gəl barışaq (2 dəfə) Lazımdır ittifaq (2 dəfə) Cəngə qoyduq qədəm (2 dəfə) Düşmən olsun ədəm. (2 dəfə) Pərdə * * * Dördüncü məclis (Vaqe olur dava meydanında. Söhrab Hüceyri çəkib gətirir.) Söhrab O kimdir ki, gəl mənə söylə Cəlal cahı var boylə Di gəl adın bəyan eylə Mənə olsun əyan kimdir. Hüceyr Onun adı Keykavus O taxtı zərnigar üstə Kim ətrafı qoşun dəstə O şah-gül İrandır. Söhrab Bəs ol kimdir elə izhar Yanında pəhləvanlar var Başı üstündə bir bayraq Ucaldıblar uca kimdir. Hüceyr Odur məhbub Keykavus Adıdır pəhlivani-Tus Özü də norəz evladı Şücai ruzi meydandır. Söhrab Bəs ol al rəngli bir xeymə Kimindir qübbəsi almas Müsəlləh pəhləvan bir çox Varıdır pasiban kimdir. Hüceyr (kənara) Əgər mən Rüstəmi versəm Nişan öz oğlu Söhraba Ata ilə oğlu birləşsə Edər dünyanı viranə. Hüceyr (Söhraba) Onun heç bilmirəm adın Gəlib bu ən qərib vəxtə Özü biganədir bizdən Bizə amma ki mehmandır. Söhrab Nədir adın kəşf eylə Nişanı namını söylə. Hüceyr Adın mən bilmirəm hərgiz Gəlibdir özgə yerlərdən Budur axır sözüm istər Birgə bəndi zindandır. (Gedirlər.) Rüstəm Nədəndir kim bu davaya könül zinhar meyl etməz Nə qədri kim qədəm qoysam, qədəm şovq ilə getməz Əcəb bir möhnəti üzmə könül gözlər bu davadan Gərək mən qan tökəm ya kim tökülsün öz qanım axsın Həmi dosti, həmi düşməni ona bu növ ilə baxsın Desinlər kimdir Rüstəm düşübdür ruhun cismi Budur kani şücaətdən qalıbdır təkcə bir ismi. (Söhrab gəlir.) Söhrab Mənə doğru söylə gəl mərdanə Rüstəm-Zalsan aya ya nə Sənə miyali könlüm çox-çox Söylə zənnim gecdir ya yox. Rüstəm Gec gedib zənnin sənin etmə əcəb boylə xəyal Rüstəm-Zal sənə görmək olur xeyli mahal Zərbidəstim bildirir kim mən kiməm ey nocavan Et süpər qalxanını yoxsa ki qalmaz heç macal. (Dava edirlər, Söhrab Rüstəmi yıxır yerə) Rüstəm Ey cavan, gəl mənə rəhm et başımı kəsmə mənim Məni rüsvay eləmə mərd ilə namərd baxar Heyfdir bu qoca vaxtımda yerə qanım axar. Söhrab Dur ayağa, ey pəhləvan, öz qəlbini şad etginən Get yaşa dünya üzündə bir cavanı yad etginən. (Rüstəm durub məlul, mükəddər gedir.) Hüceyr Çox böyük səhv etdin, ey Söhrab, düşməni öldürmədin Əldə fürsət var ikən öz özlüyün bildirmədin. Söhrab Kimdə var cürət qoysun bu meydana qədəm Zərbi dəstindən bilər dünyada kim nə imiş ədəm. Rüstəm (çıxır) Ey cavan, məğrur olma bunca zərbi dəstəsinə Söyləmə əfsanə sözlər qüvvətindən urma qəm. Söhrab Gəl gedək meydanə – gəl gedək meydanə (İkisi də) Tiği-tiğə bağlayaq Qəhri ilə keçti tutaq əflak qəlbini dağlayaq. (Dava olur. Söhrab yıxılır. Rüstəm xəncərini onun ürəyinə sancır. Söhrab ölürkən oxuyur.) Söhrab Ey sitəmkar qanımı tökdün mənə rəhm etmədin Mərdi namərd tək vurub əhvalıma rəhm etmədin Mən sənə verdim aman ta tökmədim al qanını Sən də ey zalım çəkərkən xəncəri rəhm etmədin. Bil bunu, ey bivəfa, Söhrabıdır adım mənim Rüstəm-Zal oğluyam zalım mənə rəhm etmədin. (Rüstəm hövlnak Söhrabın qolunu açıb bazubəndi çıxardıb “Qatar” üstə oxuyur.) Rüstəm Bütün qəhri qeyzlə oğul vurdum sənə yarə Mənəm Rüstəm oğul Söhrab ki etdim bəxtimi qarə. Söhrab Nə xoşbəxtəm, ata, canı-tənimdə var ikən canım Səni gördüm məni əfv et sənə qurban bu al qanım. Rüstəm Yeritdin ey fələk əmrin saldın əcəb dərdə Ki oldum qatili Söhrab atası olduğum yerdə Əlimlə öz ciyərparəm olubdur qanınə qəltan Eşit Təhminə, Söhrabın olubdur boylə gör qurban. (Rüstəm Söhrabı qucaqlayıb ağlayır.) Musiqi Xor Etdin min zülm ilə (2 dəfə) Söhrabı qətl sən (2 dəfə) Bunca cövrü cəfa Eylədin bəzl sən (2 dəfə) Sən də bu vətən yolunda (2 dəfə) Etdin oğlunu qurban. (2 dəfə) Pərdə * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-rustem-ve-sohrab İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.