Şah Abbas və Xurşid Banu Üzeyir Hacıbəyov (1885–1948) Şah Abbas və Xurşid Banu İŞTİRAK EDİRLƏR Ş a h A b b a s--35 yaşında. V ə z i r--50 yaşında. B i r i n c i ə y a n. İ k i n c i ə y a n. Ü ç ü n c ü ə y a n. D ö r d ü n c ü ə y a n. B e ş i n c i ə y a n. N ö k ə r. O d u n ç u. O d u n ç u n u n b i r i n c i o ğ l u. O d u n ç u n u n i k i n c i o ğ l u. X u r ş i d--odunçunun qızı, 20 yaşında. M ə s t a v ə r--aşbaz. D o s t ə l i--Şiraz əhli. D i v a n ə. B i r i n c i m ə h b u s. İ k i n c i m ə h b u s. Ü ç ü n c ü m ə h b u s. D ö r d ü n c ü m ə h b u s. B e ş i n c i m ə h b u s. B i r i n c i k e ç ə ç i. İ k i n c i k e ç ə ç i. Ü ç ü n c ü k e ç ə ç i. 10 n ə f ə r ş i r a z ə h l i. Q o ş u n v ə b a ş q a l a r ı. * * * Birinci pərdə B i r m e ş ə d ə vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. O d u n ç u öz i k i o ğ l u ilə odun yığırlar. O d u n ç u (rast üstə)-- Məsəl vardır deyərlər ki, Çəkən zəhmət yeyər balı; Çəkib zəhmət, nə bal gördüm, Nə oldum eyşdən hali. (M u s i q i) Bu nə gündür, nə dirlikdir Ki, heç bir istirahət yox; Pulum yoxdur, malım yoxdur, Evim bomboş, içi xali. (M u s i q i) B i r i n c i o ğ l u-- Nə bədbəxtin biriymişsən, Bizi həm eylədin bədbəxt; Nə busət basmış hər yanı, Məişətmiz keçir çox səxt; (M u s i q i) İ k i n c i o ğ l u-- Bizi insan bilən yoxdur, Deyən yoxdur ki, kimsən sən; Nə zillətdir, nə möhnətdir, Buna bais, bəli, sənsən! (M u s i q i) İ k i s i b i r y e r d ə-- Neçün oldun odunçu sən? (M u s i q i) O d u n ç u-- Kim? Mən? O ğ l a n l a r ı-- Bəli, sən! O d u n ç u-- Babam kimmiş? O ğ l a n l a r ı-- Odunçuymuş! O d u n ç u-- Atam kimmiş? O ğ l a n l a r ı-- Odunçuymuş! O d u n ç u-- Özüm kiməm? O ğ l a n l a r ı-- Odunçusan! O d u n ç u v ə o ğ l a n l a r ı (bir yerdə)-- Biz, siz! O d u n ç u-- Siz də odunçu oğlu odunçusunuz! (M u s i q i: təsnif) Ü ç ü b i r y e r d ə-- Gündə odun yığmaq oldu bizə sənət, Özgə çəkir ləzzət, qaldı bizə möhnət. Gərçi əzab çoxdur, evdə çörək yoxdur; Evdə çörək yoxdur, əmma əzab çoxdur. Musiqinin üsuluna (taktına) müvafiq odun yarırlar və balta endikcə "hey!" edirlər--"hey!" altı kərədir, sonra yenə oxuyurlar. Gündə odun yığmaq oldu bizə sənət (və ilaxır). Ay, hay … odunçuluq oldu bizə sənət! Baltaları yerə qoyub, hərəsi bir yerə yıxılıb yatırlar. Musiqi çalır. Pərdə dalından X u r ş i d oxuyur. X u r ş i d (bayatı üstə)-- Yaz gəldi, gül açıldı, Çəmən, çölə saçıldı; Könlümdəki yaram da Qızıl gül tək açıldı. M u s i q i. X u r ş i d səhnəyə gəlir. Bülbül oxur nəvasın, Nəğməsini nəvasın; Kimdən sorum, ay allah! Mən dərdimin dəvasın. Musiqi çalır. X u r ş i d oynayır. Bəədə o d u n ç u v ə o ğ l a n l a r ı oyanırlar. O d u n ç u (şur üstə)-- Xurşid, nə xürrəmsən, guya ki, qəmin yoxdur. B i r i n c i o ğ l u-- Xurşid nə bilsin ki, qəm-qüssə nədir? İ k i n c i o ğ l u-- Toxdur. Ac olsa bilərdi ki, dərd və qəmimiz çoxdur. X u r ş i d (səmayi-şams üstə)-- Qəm nədir, qüssə nədir, bil ki, xəbərdarəm mən, Nəyə lazımdır olaq dərd-qəmin həmmali; Halbuki xaliqi-sübhan yaradıbdırsa qəmi, Onu rəf etməyə də həqq yaradıb bir hali; İstiqaməqdir adı ol halın. O d u n ç u v ə o ğ l a n l a r ı (təsnif üstə)-- Pəh, pəh, pəh!… Günüz axşama qədər işliyirik heyvan tək, (2 dəfə) Hər səhər hey, hər səhər hey, hər səhər hey!… Çüçü-çüçü, tokkuşçu, çüçü-çüçü, tokkuşçu! Çü, çüçü, çüçü, tokkuşçu! Belədir dirliyimiz, belədir dirliyimiz! (M u s i q i) X u r ş i d (şur üstə)--Eşitməyibsinizmi ki, bir nəfər odunçu Hatəmi-Taiyə nə dedi? (T ə s n i f) Hər ke nan əz əməli-xiş xorəd, (M u s i q i) Hər ke nan əz əməli-xiş xorəd, Minnət əz Hatəmi-Tai nəbərəd! (M u s i q i) Minnət əz Hatəmi-Tai nə bərəd! H a m ı s ı b i r y e r d ə-- Hər ke nan əz əməli-xiş xorəd (2 dəfə) Minnət əz Hatəmi-Tai nə bərəd! (2 dəfə) (M u s i q i) Şeypur səsi gəlir; bunlar qorxu ilə qulaq asırlar. B i r i n c i o ğ l a n (qışqırır)-- Durun qaçaq, yəqin padşah ova çıxıbdır! X u r ş i d-- Qorxmayın, dayanın görək. (Yenə şeypur.) O ğ l a n l a r-- Vallah, durun qaçaq, bizi öldürərlər! X u r ş i d-- Heç qorxmayın və dayanın! Marş səsi gəlir, qoşun əhli cərgə ilə girib düzülür. Ş a h A b b a s daxil olur. Bu əsnada qoşun və sair əyan oxuyurlar: (M a r ş) H a m ı-- Çox ömr etsin bu şahımız, Dadına yetsin allahımız. Qalib gələsən sən düşmənə, Olmasın asi bir kimsənə. Ey padşah, sən çox yaşa, (2 dəfə) Sən çün ədalət padşahısan, Bizlərə, ey şah, eylə mərhəmət! (M u s i q i) Ş a h A b b a s-- Əsgərlərim, çox razıyam, (vəzirə) Məndən cəmi qoşun əhlinə razılıq et. Hər bir nəfər bilsin bunu: Padşahı onlara eylər mərhəmət; Ta heç kəs heç bir kəsi İncitməsin, ta zülm olmasın. Zalimlərə zülm eylərəm, Qoy cümlə bilsin bu əmrimi. H a m ı-- Yaşasın padşah! (səkkiz dəfə) M u s i q i. Qoşun çadır qurmağa məşğul olur. Ş a h A b b a s (Xurşidə baxır. Rast üstə.)-- O qız kimdir? V ə z i r-- Odunçudur! Ş a h-- Ağıllıdır, yəqin o qız, özü də çox gözəl qızdır. Nə dersən, bax: hərəmxanə eylər bunu qəbul, ya yox? V ə z i r-- Əgər iradəyi-şahanə iqtiza etsə, Kimin sözü ola bilər. Ş a h (təsnif üstə)-- Yəqin o şəxs atasıdır, Çağır onu gəlsin! M u s i q i. V ə z i r odunçuya tərəf gedir. V ə z i r (rast)-- Ey şəxs, səni padşah Çağırır, irəli gəl! M u s i q i--odunçu gəlir; odunçunun oğlanları qorxularından bərk titrəyirlər. B i r i n c i o ğ l a n (ağlamsınaraq)--Dedim sizə durun qaçaq! (M u s i q i) Ş a h (odunçuya)--Sən kimsən və nəçisən? O d u n ç u--Padşah sağ olsun, sənin nökərin odunçudur! Ş a h--O qız sənin nəyindir? O d u n ç u--Kənizin mənim evladımdır. Ş a h (təsnif)-- Sənin qızın, razısanmı, mənə hərəm olsun? (M u s i q i) Tez söylə! O d u n ç u (rast)-- Padşah, əgər öldürtməliyəmsə öldürt! Ş a h--Eşit, gör nə deyirəm? Sənin qızını: almaq istəyirəm, nə deyirsən, razısanmı? O d u n ç u--Buyur boynumu vursunlar, günahım varsa sən yaxşı bilirsən. Ş a h--Nə axmaq kişidir. V ə z i r--A kişi, padşahın iradəsi budur ki, sənin qızını alsın, razısanmı? Söylə! O d u n ç u--Əşhədən-la-ilahi-illəllah və əşhəd…. Ş a h--Burax bu divanəni, oğlanlarını buraya çağır? M u s i q i. V ə z i r gedir. V ə z i r--Gəliniz padşahın hüzuruna! O ğ l a n l a r i k i s i d ə (ağlaşıb qışqırırlar)--Axı bizim günahımız nədir; bizi öldürürsünüz?! Padşah, bizi başına çevir, öldürmə! Padşah, qurban olaq, bizi öldürmə! Ş a h (qeyz ilə)-- Qoy dursun! Çağır gəlsin qızı! Q ı z ı çağırır. M u s i q i. Ş a h (qıza)-- İradəm var səni almaq, Hərəmlər içrə yer tutmaq, Sənə layiq görülsə gər, Ona razı olarsanmı? X u r ş i d (kamali-çürət ilə)--Yox!… Ş a h (böyük qeyz ilə)--Cəllad!… C ə l l a d gəlib qılıncı siyirib hazır durur. O d u n ç u və o ğ l a n l a r ı bir-birindən tutub, bərk titrəyirlər. H a m ı sakitdir. X u r ş i d kamali-çürət ilə p a d ş a h a baxır, musiqi çalır. V ə z i r (padşaha xitabən, bayatı-şiraz)-- Sən şüçaətdə və qüvvətdə ki, məşhuri-cahansan, Həm ədalətdə də, söz yox buna, mərufi-zamansan! Nə ki, vardır həmə larzandı qabağında sənin, Cürət etməz ola bir kimsə müxalif əmrin. Lakin, ey şah, azalmaz zərrə qədər şanın gər Dinləsən sən bu qocalmış vəzirin nitqin əgər! Ş a h--Söylə görək! V ə z i r-- Bu qızın cürət ilə yox deməyi heyrətimə oldu səbəb; Bir soraq ki, səbəbi-yox deməyə nəydi əcəb! Ş a h --Bil görək! V ə z i r-- Söylə, doxtər, necə cürət edibən yox dedin! Padşahın bu sualını belə rədd etdin! Şübhəsizdir ki, səbəb var sənin cürətinə; Söylə sən ol səbəbi qıyma, qızım, gəl özünə! (M u s i q i) X u r ş i d (təsnif)-- Cürətimin sirrini mən söyləyim, bil, ey vəzir! (2 dəfə) Ta ki, olsun, ta ki, olsun qoy əyan dil, ey vəzir! (2 dəfə) Heç bilirmi bir peşə padişahın, ey vəzir! (2 dəfə) Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə) (M u s i q i) Bil ki, insanın əgər ki, heç bir peşəsi olmasa, (2 dəfə) Dar dünyada yaşamaq olur müşkül, ey vəzir! (2 dəfə) Heç bilirmi bir peşə padşahın, ey vəzir! (2 dəfə) Gər peşəsi olmasa, bil, getmərəm mən heç kəsə. (2 dəfə) H a m ı (qızdan başqa)-- Padşaha heç yararmı olsun onun peşəsi, Bunca dövlət tam onundur, həm doludur xəznəsi! X u r ş i d-- Xah gədadır, xan, bəydir, padşahdır hamısı, Olmalıdırlar hərəsi bir peşənin sahibi! M u s i q i. P a d ş a h fikrə gedir. Ş a h (rast üstə)--Bu söz mənə xoş gəldi. Nə dersən, vəzir, yararmı ki, mən də bir peşə sahibi olam? V ə z i r--Padşah cağ olsun! Əgər sən bir sənət və peşə bilsən, sənin şanın daha da uca olar! Ş a h--Ey ağıllı qız, gəl yanıma (gəlir, əlini onun çiyninə qoyur. Odunçu və oğlanlari sevindiklərindən ağlayırlar); vəzir, mənimçin hansı peşəni məsləhət görürsən? V ə z i r--Padşah sağ olsun! Keçəçilik sənəti çox yarar sənətdir. Ş a h--Əmr olunsun bir keçəçi ustadı gəlib, məni bu sənətə öyrətsin; (qıza) indi sən mənə gələrsənmi? X u r ş i d--Bəli! V ə z i r--Padşahım, təzə sanətin mübarək olsun! H a m ı--Mübarək olsun, mübarək olsun! (M u s i q i) Ş a h (təsnif)-- Yəqin mənim bu peşəmdən camaata nəf var! H a m ı--Yəqin elədir! Ş a h-- Yəqin mənim bu peşəmdən camaata nəf var! H a m ı--Yəqin elədir! Ş a h-- Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə) H a m ı-- Artar sənin qədrin, Baqi qalar əsərin! Ş a h-- Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə) H a m ı-- Yaşa, yaşa, yaşa, şahım, ədalətin vardır. (2 dəfə) Odunçu qız sözü ilə sən olmusan keçəçi. (2 dəfə) X u r ş i d-- Ey … allah eylər, allah eylər, Biləsən sən, biləsən sən Səmərin bu peşənin. H a m ı-- Çox yaşa bizim şahımız! Qalmasın yerdə ahımız! Ş a h-- Keçəçilik edərəm mən, keçəçi şah ollam (2 dəfə) H a m ı--Keçəçilik peşəsindən camaata nəf var! Ş a h v ə q ı z--Var! (Zəngülə) H a m ı--Var! PƏRDƏ * * * İkinci pərdə P a d ş a h ı n o t a q la r ı n d a n birində vaqe olur. Müqəddimə çalındıqdan sonra pərdə qalxır. Ş a h A b b a s və ü ç n ə f ə r k e ç ə ç i keçə qayırmaqla məşğuldurlar. Keçənin biri hazır olub bir miz üstə sərilib, camaat tərəfindən görünür. O biri də fərş üstə sərilib, ora-burası düzəldilməkdədir. Ş a h A b b a s (keçədən əl çəkib) (çahargah təsnifi)-- Vaxt olar bir gün bu sənət Edər mənə xidmət, edər mənə xidmət! Ey xudavənda, sən eylə bir gün Bu peşə mənə bir mədəd versin! (M u s i q i) Çəkməyən zəhmət bilməz, ah! Bu dünyada ləzzət. Ey xudavənda, sən eylə bir gün Bu peşə mənə bir mədəd versin! Ş a h (cahargah)-- Xurşid ilə əhd edib, sərf eylədim bir müddəti, Eylədim kəsfi-məharət öyrənib bu sənəti; Mən hələ bir mənfəət görməmsə heç bu peşədən, Könlümün şad olduğun hiss eylərəm mən dəmbədəm. (M u s i q i) Vaxt olar bir gün bu sənət göstərər öz xidmətin, Onda mən də artıraram Xurşidimin izzətin, Artırıb cahu cəlalın, izzətin mən ol zaman Xurşidi arvadlar içrə eylərəm şahi-zənan! M u s i q i. Müxalif guşəsi. Qoy odunçunun qızı (yada salın ol halını) Sayəsində ağlının tutsun məqami alini. (Enir çahargaha) Ağa ilə şöhrət tapar zillətdə qalmış bir gəda, Nikbəxtdir ol kişi kim, əqli vermişdir xuda. Ş a h bu sözləri oxuyarkən keçəçilər əllərindəki keçəni yumurluyub hazır edirlər. Sonra şah bu sözlərini qurtaran tək zeyldəki təsnifi oxuya-oxuya keçə təpirlər, ayaqlarını (takt ilə) vururlar. H a m ı b i r y e r d ə (təsnif)-- Vaxt olar bir gün bu sənət Edər şaha xidmət, edər şaha xidmət! Ey xudavənda, sən eylə bir gün Bu peşə şaha bir mədəd versin! Çəkməyən zəhmət bilməz, ah! Bu dünyada ləzzət, bu dünyada ləzzət! Ey xudavənda, sən eylə bir gün Bu peşə şaha bir mədəd versin! M u s i q i. K e ç ə ç i l ə r ş a h a baş əyib gedirlər. Ş a h (rəhab)-- Maldan, mülkdən qəni bir padşah Keçəçilik sənətin etmiş özünə bir pənah! Gör bunu, ey kibr ilə əshab sənətə baxan, Bilginən kim, sənəti əzl bilən eylər günah. (M u s i q i) Peşədir, hər bir kəsin dərdi-qəmin az eylər, Sevdiyi peşəylə insan hər zaman naz eylər; Peşə ilə hər nəfər öz işlərin saz eylər, Peşəsi olmazsa insanın olar ömrü təbah. M u s i q i. X u r ş i d daxil olur. Ş a h (təsnif)-- Xurşid, əhdimə yetdim, Keçəçilik mən etdim! Bil kim, sənə söz verdim. Durdum sözümün üstə. (2 dəfə) (M u s i q i) Bir bax, budur keçələr, Zəhmət çəkib gecələr, Bu sənəti öyrəndim; Durdum sözümün üstə. (2 dəfə) M u s i q i. X u r ş i d keçələrə tamaşa edir. X u r ş i d (bayatı-kürd)-- Ey şahi-dövran, Sən mənim tək naçizin nitqin əcəb təqdir edib, Keçəçilik sənətin öyrənməyi tədbir edib, Xəlq ara timsal olub, sənətə etdin ibtida; Bunun nəticəsidir ki: Məmləkətdə şövq edibdir sənətə xan və gəda! Ş a h-- Dövlətə etmiş olubsan sən böyük hər xidməti, Cəhd edib dövlətdə təşviq eylərəm bir sənəti. Şükr allah, mən düçar oldum sənə, ey Xurşidim! Çünki bu zamanda: Tapmaq olmaz arvadı həm ağl ola, həm surəti! X u r ş i d-- Bir söz idi mən dedim, sən də ona etdin əməl, Bəlkə biz bir gün görərik gər aman versə əcəl, Kim bu sənət göstərər bundan böyük bir xidməti, Həm onunla sənətin artar bütünlük izzəti. Ş a h-- İndi sən söylə mənə, ey Xurşidim, doğru danış, Ol zaman kim, meşədə mən sənlə olmuşdum tanış, Mən səni görcək məhəbbət atəşi qəlbimdə oldu şöləvər, Ol zamandan get-gedə eşq atəşi tosi edər; Söylə indi bir mənə, sən də sevirsənmi məni? Sevməyirsənsə bu gün azad etdirərəm səni! M u s i q i. Xurşid başını aşağı salıb dayanır, şah ona baxır, bəədə X u r ş i d birdən: X u r ş i d (qatar)-- Ey şahi-dövran, səni mən ol zamandan sevmişəm, Sevgimin üzrə bu gün dərgahinə mən gəlmişəm. Ya dirilt, ya ki, məni öldür, özün bil, ey şahım! Mən ki, öz qəlbimdəki hissi məhəbbət bilmişəm. Ş a h-- Sevmişəm, billah, səni, bil, ey gözüm! Sən mənə yar olginən, budur sözüm! Şah sözü olmaz yalan, ey Xurşidim! Xurşidim sən həm məhim, həm yulduzum! X u r ş i d-- Taleimin ulduzu şölə saçıb hər bir yana, Yetmişəm axırda can tək sevdiyim mən bir cana. Ol qədər eşqin həvasi məst edibdir kim, məni, Ləzzət ilə eylərəm mən canımı qurban ona. Ş a h-- Yanıma gəl, Xurşidim, eylə hekayət eşqdən, Burda yoxdur heç kəs, bir sən isən, bir də ki, mən! Bil qənimət fürsəti, gəl et mənə izhari-eşq; Yanıma gəl, Xurşidim, gəl, gəl, gəl, ey nazik bədən! M u s i q i. X u r ş i d və ş a h qolboyun olub otururlar. İ k i s i b i r y e r d ə-- Və nə xoşdur yar ilə söhbətü saz eyləmək, (2 dəfə) Söyləyib eşqin sözün, işvə ilə naz eyləmək. M u s i q i. Bir qədər qolboyun qalırlar; bəədə musiqiyə görə ş a h tez durub qapıya tərəf gedir; bu əsnada v ə z i r daxil olur. V ə z i r (çahargah)--Ey şahi-dövran, Şiraz şəhərindən bir neçə nəfər nökərlərindən sizə şikayətləri vardır. İzn versəniz içəri daxil olarlar. Ş a h--Buyur daxil olsunlar. (Xurşidə). Xurşid, sən burada qal. Şiraz ə h l l ə r i daxil olub, təzim edirlər. Ş a h-- Vəzir, rəiyyətimin şikayəti nədir? V ə z i r--Padşah sağ olsun! Əhvalatı mənə nəql edibdirlər, izn versəniz, nəql edərəm. Ş a h--Söylə! V ə z i r--Əlhəq, bunların söylədikləri qəribə bir əhvalatdır. Şiraz şəhrində, budur, beş ay tamamdır ki, bir əcibə hadisə üz verməkdədir; şəhər əhlindən iki yüzdən artıq nəfəri səhər evlərindən çıxıb, daha geri qayıtmayıbdır. Məlum deyildir ki, onlara nə olubdur, əlli-ayaqlı itibdirlər. Ş a h--Hamısı birdən? V ə z i r--Xeyr, padşah, bu gün biri, sabah beşi, biri gün üçü, qərəz, bu nəhv ilə. Sahirlər, münəccimlər dəxi bu barədə heç bir söz deyə bilməyirlər; odur ki, indi şəhər əhli içinə vahimə düşübdür, bilmək olmuyur ki, bu nə sirrdir. Ş i r a z l ı l a r (təsnif)-- Ey padşah, səndən əlac, Səndən əlacı olsa, bu təhlükə Bəlkə rəf ola, bəlkə dəf ola! Yoxsa başqa yoxdur heç bir əlacı, Bu sirri bil, rəhm eylə sən, Rəhm eylə, ey şah, bu zülmü aç, Bu zülm əgər rəf olmasa, Sən bil, yəqin kim, şuriş düşər! Xəlq ağlaşır, şivən qopur, (2 dəfə) Arvad-uşaq qatışır bir-birinə. (2 dəfə) M u s i q i. P a d ş a h fikrə gedir. Ey padşah, səndən əlac, Səndən əlacı olsa, bu təhlükə Bəlkə rəf ola, bəlkə dəf ola! Yoxsa başqa yoxdur heç bir əlacı! Ş a h (çahargah)--Siz gediniz, mən əncam çəkərəm! Qoy camaat sakit olsun. (Onlar gedirlər. Vəzir qalır). Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hilə vardır. Mən daha dayana bilmərəm, əmr et mənim dərviş libasımı tez gətirsinlər, mən gedirəm! V ə z i r--Padşah sağ olsun! Olmazmı ki, sizin əvəzinizə mən gedim, bu işi yerində təhqiq edim. Ş a h--Yox, yox! Özüm getməliyəm, sən əmrimi yerinə yetir. V ə z i r--Borcumdur (deyib çıxır). M u s i q i. P a d ş a h fikirdə. X u r ş i d (şüştər)-- Canıma saldı mənim vahiməni böylə səfər, Qorxuram bundan yetə haşa bu cana bir xətər. Ey şahim, nolar ki, həm mən də gedim sənlə belə, Ta ki, canın hifzini çün öz canım edim sipər. Ş a h-- Qorxma, Xurşidim mənim, bunca səfər çox görmüşəm, Qorxmayıb düşmən qabağında hələ tək durmuşam. Allah eylər bu işi təhqiq edib tez qaydaram, İstərəm kim, qalmasın bu zülmdən heç bir əsər! M u s i q i. V ə z i r və q u l a m əlində libas daxil olurlar. Ş a h (geyinə-geyinə, çahargah-tihur ilə)-- Mən heç vəqt razı olmaram ki. (M u s i q i) Mənim məmləkətimdə zülm olsun. (M u s i q i) Vay olsun zalimlərin halına Ki, mənim rəiyyətimi incidirlər; (M u s i q i) Kökündən, kökündən qazıyacağam zülmü. (M u s i q i) Vəzir, dövlət ümuri yenə sənə qalır; hər bir əmri layiqincə yerinə yetirərsən və bir də bu Xurşid mənim gəlinimdir, ona hörmət olunsun və mən gəlincə mənim imarətimdə ona xüsusi yer verilsin. İndi mən gedirəm; hələ kim, xudahafiz! (tələsik gedir). PƏRDƏ * * * Üçüncü pərdə BİRİNCİ ŞƏKİL Şiraz şəhərinin böyük bir b a z a r ı n d a vaqe olur. Səhnənin sol tərəfində aşpaz M ə s t a v ə r i n dükanı görünür. Məstavər dükanının qabağına yığılmış olan adamlara xörək satır; o biri tərəfdə cürbəcür dükanlar vardır; bir tərəfdə qaraçılar oynayırlar. Müqəddəmədən sonra pərdə qalxır. Q a r a ç ı q ı z ı oynayır. Böyük qaraçı oxuya-oxuya qaval vurur. Sair qaraçılar da yerində oxuyurlar. (M u s i q i) Q a r a ç ı (qaval vura-vura)-- Gəl yanıma, gözüm, mən sənə qurban! O b i r i l ə r-- Gəl, yarım, mən ölləm, gəl, canım, mən ölləm! Q a r a ç ı-- Gir qoynuma, özüm mən sənə qurban! O b i r i l ə r-- Gəl, yarım!… (və ilaxır). Q a r a ç ı-- Eşitmişəm sənin özgə yarın var! O b i r i l ə r-- Ay balam, mən ölləm, ay yarım, mən ölləm! Q a r a ç ı-- Sənin həmi gülün, həmi xarın var! O b i r i l ə r-- Ay balam, mən ölləm!… (və ilaxır). M u s i q i. A d a m l a r buraya yığılırlar. Q a r a ç ı-- Bir ala göz, uzun boylu (2 dəfə) Dərdimə dərman eyləməz! Nazlı balam, bircə nolu, Bizim çəməndə gəlib gəz! (2 dəfə) Eşqin oduna yanaram, (2 dəfə) Dərdimə dərman eyləməz! Gah sönərəm, gah yanaram, Mən yazığam, rəhm elə bəs. (2 dəfə) (M u s i q i) Sinəm olub para-para, Dərdimə dərman eyləməz! Mən nə edim, nədür çara? Nazlı balam, gedib gəlməz! (2 dəfə) (M u s i q i) Q a r a ç ı qavalını açıb, pul yığır; bu əsnada Ş a h A b b a s dərviş libasında olaraq buraya daxil olur. Şəhər əhlindən Dostəlinin qaraçılara acığı tutur. D o s t ə l i (şur üstə)--Bu nə şadlıqdır yas günündə? Şəhərin tamam yarısı matəmə batıb, amma siz burada şadlıq edirsiniz. Hələ bizdən pul da istəyirsiniz; doğrudan da ki, qaraçısınız. (M u s i q i) Q a r a ç i l a r çıxıb gedirlər. Ş a h A b b a s (Dostəliyə)--Söylə görüm nədir bu yas və matəmə səbəb, nədir? Nə olub, məyər nə bədbəxtlik üz veribdir? B i r d ə s t ə a d a m bunların başına yığılır. D o s t ə l i--Ağa dərviş, görünür ki, sən buraya təzə varid olubsan. Tamam neçə aydır ki, şəhərimizin adamları itib yox olur. Bilmək olmur ki, onları kim oğurlayır. D ə s t ə--Doğrudur! D o s t ə l i--Bir çox külfət sahibsiz, atalar oğulsuz, bacılar qardaşsız qalıb, ah və nəva edirlər! D ə s t ə--Doğrudur! D o s t ə l i--Bu sirdən heç kəs əyan ola bilmir; hərgah sən cadugərsənsə bu sirri faş et. D ə s t ə--Faş et, ağa dərviş, faş et! M u s i q i. D i v a n ə gəlir, o da qulaq asır. Ş a h--Bir də mənə söyləyin görüm, bu kimin dükanıdı və nə dükandır ki, hər kəs ora yüyürür? D o s t ə l i--Yazıq dərviş, görünür ki, sən Məstavərin ləzziz taamından yeməmisən. D ə s t ə--Yazıq! D o s t ə l i--Məstavər bir aşpazdır ki, onun kimi ləziz taam bişirən heç Şah Abbasın sarayında da yoxdur. D ə s t ə--Yoxdur! D o s t ə l i--Bunun məharəti qabağında heç aşpaz davam edə bilməyib, cümləsi dükanlarını bağladılar. Hərgah ləziz taamdan məhrum olmaq istəmirsənsə sən də tez ol get, ondan xörək al ye. Tez get, yoxsa dükanını bağlar, axşamdır. D ə s t ə--Tez get, ağa dərviş, tez get! M u s i q i. H a m ı dükanlarını bağlayıb, buraya yığılır. D i v a n ə--Ha-ha-ha! Tez get, ağa dərviş, tez get! (Şur). Heç bilirsinizmi ki, Məstavər sizə nə yedirdir, ey mənə divanə deyib özləri məndən divanə olanlar? D ə s t ə--Bu nə deyir? D i v a n ə--Mən onu deyirəm ki, Məstavərin sizə yedirdiyi nədir, bilirsinizmi? D ə s t ə--Ləzzətli taamdır! D i v a n ə--Ha-ha-ha!… Ləzzətli taam!… Tez get, ağa dərviş, tez get. Ey divanələr, Məstavər sizə insan əti yedirdir, insan!… D ə s t ə--Xamuş, nə axmaq sözdür! D o s t ə l i--Doğrudan da ki, divanəsən! D i v a n ə--Bəli, divanəyəm, amma sizdən ağıllı divanəyəm! Məstavər adamları oğurlayıb başını kəsir və ətini sizə yedirdir…. Tez get, ağa dərvis, tez get!… D ə s t ə (əl çala-çala)--Ay dəli şəpəli, ay dəli şəpəli, çıx bala-bala get! M u s i q i. D i v a n ə gedir, bir neçə saniyədən sonra dəstə dəxi dağılıb, səhnədə bir Ş a h A b b a s və bir də M ə s t a v ə r öz dükanında qalır. Ş a h (şur)--Dəlidən doğru xəbər…. Bu divanənin sözü o ağıllıların sözündən daha əhəmiyyətlidir. Doğrudan da bu aşpazın ləzzətli xörəkləri məni şübhəyə salır. Gedim bir onun yanına…. Nə cəllad surətli adamdır! M u s i q i. M ə s t a v ə r ə yaxınlaşır. Ş a h-- Şöhrəti tutmuş bu şəhəri namın, Tərif eylər hər kəs sənin taamın; Mən binəva dəxi çox arzuməndəm ki, sənin Ləziz taamından dadmış olam. (M u s i q i). M ə s t a v ə r (göz altı ilə şaha baxır)-- Doğrudur, ağa dərviş, doğrudur. Bəs gərək səni qonaq edim mən; (kənara) Çəngimə düşmüsən, Çox əcəb gəlmisən! (Ona) Doğrudur, ağa dərviş, doğrudur! Bəs gərək səni qonaq edim mən! Keç bəri. Gəl bəri, bir az bəri, bir az daha irəli…. Ha-ha-ha!… Bu halda ş a h durduğu yerdə yerin içinə gedir, ha gücənir ki, yuxarı çıxsın olmur. Axırda bir quyuya düşən kimi yox olur. Oh!… Ha-ha-ha! (mühib bir qəhqəhə). PƏRDƏ İKİNCİ ŞƏKİL Bir z i r z ə m i d ə vaqe olur. Qaranlıqdır. Zirzəmidə Ş a h A b b a s d a n başqa beş nəfər m ə h b u s dəxi vardır. Müqəddəmədən sonra pərdə qalxır. M ə h b u s l a r (şaha; təsnif)-- Bədbəxt dərviş, sən nə günahın sahibisən? Məstavərin hiləsinə oldun nişanə! Gəl ağlaşaq bəs, ağa dərviş, əhvalımıza, Oldu bizə, ax, a yazıq, düşmən zəmanə! Ş a h (şüştər)-- Söyləyin bir dəm mənə bu hilədən məqsəd nədir? Çəkdiyimiz zəhmətə, dərdə, qəmə illət nədir? Zindəyik, ölməmişik ki, qəbrə salmışlar bizi, Söyləyin, Məstavərə, aya, görək neylər sizi? M ə h b u s l a r (təsnif)-- Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər. Dünyada yoxdur, əcəba, bunca sitəmgər. Qurban əti tək ətimizi doğram edəcək, Ləzizi taamlar bişirib, xəlqə verəcək! Ş a h (şüştər) -- Ağlamaqla, ey rəfiqan, olmayır dərdə dava, Qoymayaq Məstavəri versin bizə bunca cəfa, Cəm olaq, həmlə edək, həbs eyləyək bu zalimi, Ta gərək ədli-ədalətlə ona olsun cəza! M ə h b u s l a r (təsnif)-- Bu fikirdən gəl daşın, ey bixanə dərviş! Nə qədər biz cəhd eylədik baş tutmadı iş! On bir nəfərdik, ağa dərviş, etdik həmlə biz, Olduq axırda, a yazıq, məğlub cümləmiz! Ş a h (təsnif)-- Nədir əlaci bu işin, bəs söyləyin siz (2 dəfə) Göz görə-görə olalım qurban xəbisə?! Ölmək gözəldir yaşamaq əgər bu isə. M u s i q i. İ ş ı q görünür. M ə h b u s l a r (qorxu ilə)-- Odur, gəlir! M u s i q i. D a h a işıq. Odur, gəlir, odur, gəlir, odur, gəlir! M u s i q i. Qorxularından b i r-b i r i n ə qısılırlar. M ə s t a v ə r (daxil olur, əlində siyirmə xəncər və bilo)--A!… Xoş gördük, xoş gördük, qoyunlar, quzularım. Mən gəldim ki, ikinizi tutub kəsim xörək bişirim. (Musiqi). Xörək bişirim, yüyürün mənə sarı. (Onlar yüyürürlər). Çəkilin dalı-dalı. (Onlar çəkilirlər). Yüyürün mənə sarı, çəkilin dalı-dalı. Öyrənibsiniz qoçaqlarım, hay, hay. M u s i q i. Xəncərini itiləyir. Bunlar əllərilə üzlərini örtüb ağlayırlar. Ş a h A b b a s mat və mütəhəyyir tamaşa edir. M ə s t a v ə r--A!… Mən çobanam, mən çoban, mən çoban, siz qoyun! Mən çoban, siz qoyun; gəlin bəri qoyunlarım. Bir-bir düzülün; ən əvvəl sən, sən, sən. Sonra da sən-sən-sən, ondan da sən-sən-sən! Sonra da sən-sən-sən-sən! Axırda ağa dərviş! Tez olun! Gün keçdi, tez olun, gün keçdi, tez olun, çox gecdir bu gün, tez olun, çox gecdir bu gün! M ə h b u s l a r (yalvarırlar)-- Rəhm et, rəhm et, bizi öldürmə. (3 dəfə) M ə s t a v ə r--A!… Düzülün bir-bir, tez olun bir-bir, düzülün bir-bir, tez! Tez-tez-tez-tez! Mən gəldim ki, ikinizi tutub kəsəm, xörək bişirəm. (Musiqi). Yüyürün mənə sarı (onlar yüyürürlər). Çəkilin dalı-dalı (onlar çəkilirlər). Öyrənibsiniz, öyrənibsiniz, qocaqlar?m, hay-hay!… (Xəncərini itiləyir). Ş a h (öz başına; bayatı-şiraz)--Taxtın tarac ola, ey şah, bu zülmə bir çarən yox, gözün önündə olan zülmə şahidsən və zülm qurbanısan. M ə s t a v ə r--Tez düzülün! Ş a h--Mən ölümdən qorxmuram, qorxum mənim bu zülmdür. İntiqam almaq bu zülmdən gərək, zülmü tamam rəf eyləmək! M ə s t a v ə r--Tez düzülün! Ş a h--Nə edim, nə çarə qılım, nədir dərmanı bu dərdin? Xəyal pəjmürdə, ağl tutqun, başımda huş pərişandır. M ə s t a v ə r--Tez düzülün! Ş a h--Bari-ilahi, zehnimə bir fikir sal, eylə mədəd! Qoymayın bu zalimi töksün əbəs qanı yerə! M ə s t a v ə r--Tez düzül! M u s i q i. M ə s t a v ə r soxulub adamların içindən birini tutub yerə yıxır və qılıncını hazır edir başını kəsə. Ş a h (qışqırır)--Tapdım, tapdım, keçəçilik…. Ey şəxs, (rast üstə) bir ləhzə dayan, sənə bir kəlmə sözüm vardır. M u s i q i. M ə s t a v ə r qurbanını əlindən buraxıb. M ə s t a v ə r--Söylə! Ş a h--Bu şəxsi qırıb, əbəs qan tökməkdə sənin muradın dövlət qazanmaq deyilmi? (M u s i q i) M ə s t a v ə r--Əlbəttə, puldur! Ş a h--Öylə isə, sən bizə bir ay möhlət ver, bir yol ilə sənə xeyli pul qazandıraram. M ə s t a v ə r--Nə sayaq? Ş a h--Mən dərviş çox gözəl keçə qayıra bilirəm. Mənim keçələrimin qiyməti çox bahadır, sən bir iş eylə! M ə s t a v ə r--Nə iş? Ş a h--Sən bazardan mənə yun al və keçəçi aləti al. Mən bir keçə qayırım, bunlar da mənə kömək etsinlər. M ə s t a v ə r--Sonra? Ş a h--Sonra sən o keçəni apar Şah Abbasın imarətinə və ver şahın vəzirinə, o sənə keçə əvəzində o qədər pul verər ki, bizim hamımızın bahası əvəzinə olar. M ə s t a v ə r--Mən razıyam, əgər vəzir pul verməsə? Ş a h--O halda bizim qanımız sənə halaldır. M ə s t a v ə r fikrə gedir. Ş a h (öz-özünə)--İndi bütün ümidim vəzirin fərasətinədir. Yəqin keçəni görüb, mənim xətadə olduğumu anlar. M ə s t a v ə r--Razıyam bu işə, amma gər…. M u s i q i: təsnif Əgər görsəm yalan vardır sənin sözündə, dərviş, Sən bil kim, əzab ilə kəsib çak eylərəm. (M u s i q i) Mənəm Məstavər, ey dərviş, bunu əvvəlcə bil, Məni aldatmaq olmaz, bil, səni xak eylərəm. (M u s i q i) Bütün Şiraz yığılsa gər bunu bilməz ki, mən Kəsib insanları ondan da xörək eylərəm. A!… (Kadensiya; tez gedir). M ə h b u s l a r (təsnif)-- Ağa dərviş, allah səndən razı olsun, Bu dünyada dərdin, qəmin az olsun! Həmə vəqti hər bir karın saz olsun! Ş a h--Xuda kərimdir, xuda!… PƏRDƏ * * * Dördüncü pərdə BİRİNCİ ŞƏKİL Ş a h ı n s a r a y ı n d a vaqe olur. V ə z i r və b e ş n ə f ə r əyan məclis qurubdurlar. Müqəddəmədən sonra pərdə qalxır. V ə z i r (çahargah)--Tamam altı aydır ki, padşahdan bir xəbər yoxdur. (M u s i q i) Çün nigaranam, çox pərişanam, çox da heyranam! (M u s i q i) B i r i n c i ə y a n--Bəli, padşahın bu səfəri çox uzun çəkdi. Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi…. (M u s i q i) İ k i n c i ə y a n--Dilim-ağzım qurusun, bəlkə padşahın başına…. V ə z i r--Sus! Oylə söz demə, yoxsa camaat xəbərdar olsa haman dəm şuriş düşər. (M u s i q i) Ü ç ü n c ü ə y a n--Mənim fikrimcə, hər halda vəliəhdi paytaxta çağırmaq lazımdır, yoxsa sonra gec olar. D ö r d ü n c ü ə y a n--Məncə, heç bir şey lazım deyildir; inşaallah, padşah tezlik ilə gələr. Bu qədər iztirab əbəsdir. İ k i n c i ə y a n--Xeyr, əbəs deyildir! D ö r d ü n c ü ə y a n--Xeyr, əbəsdir! Ü ç ü n c ü ə y a n--Heç əbəs deyildir! B e ş i n c i ə y a n--Əbəsdir, əbəsdir!… B i r i n c i ə y a n--Mən çox nigaranam! B e ş i n c i ə y a n--Mən heç də nigaran deyiləm! D ö r d ü n c ü ə y a n--Mən də nigaran deyiləm! İ k i n c i ə y a n--Sənin üçün təfavüt yoxdur! B e ş i n c i ə y a n--Xeyr, sənin üçün təfavüt yoxdur! Ü ç ü n c ü ə y a n--Ağzının sözünü danış! B i r i n c i ə y a n--Əbləh taifə! B e ş i n c i ə y a n--Əbləh sənsən! D ö r d ü n c ü ə y a n--Sizsiz əbləh taifə! İ k i n c i ə y a n--Sizsiz! B i r i n c i ə y a n--Sizsiz! B e ş i n c i ə y a n--Sənsən! D ö r d ü n c ü ə y a n--Sənsən! Səs-küy düşür. V ə z i r--Sakit! Əhalidən əvvəl siz şuriş salırsınız. Səbr ediniz, görək bu işin çarəsi nədir. Binəva Xurşid günüz axşama qədər yaş töküb ağlayır. Hər halda biz hələ bir neçə gün səbr edək, görək nə olur. M u s i q i. N ö k ə r daxil olur. N ö k ə r--Xurşid banu izn istəyir! V ə z i r--Buyursun, buyursun! M u s i q i. X u r ş i d daxil olur. X u r ş i d (müxalif)-- Gün gedib, aylar dolandı, padşahim gəlmədi, Atəşi-hicrə tənim yandı da, şahim gəlmədi, Gözləməkdən yolunu qan ağlayır bu gözlərim, Düşmən oldumu mənə bu xeyirxahim gəlmədi! Qəlbimə düşmüşdü əvvəl vahimə kim, bu səfər Padşahın canına haşa yetirməzmi xətər! Altı ay keçdi o gündən, gəlmədi heç bir xəbər, Noldu ki, yarəb, mənim dadü pənahim gəlmədi. M u s i q i: təsnif başı. V ə z i r v ə ə y a n l a r (təsnif)-- Xurşid, nəyə lazım bunca cəfa; (2 dəfə) Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə) Şahın bu səfəri millətə edər xidmət; (2 dəfə) Səbr et, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə) X u r ş i d-- Qorxum bunadır kim, şahim gedər gəlməz, (2 dəfə) Bəs mən necə edim cəzə-fəzə eyləməyim? (2 dəfə) M u s i q i. X u r ş i d əlləri ilə üzünü örtüb ağlayır. V ə z i r v ə ə y a n l a r-- Xurşid, nəyə lazım bunca cəfa?! (2 dəfə) Səbr et, bala, bala, sən cəzə-fəzə eyləmə! (2 dəfə) (M u s i q i) X u r ş i d (mənsuriyyə) Gecələr sabaha tək yatmam yataqda, ağlaram, Ah edib, nalə qılıb, öz sinəmi mən dağlaram, Sən gedərkən yalvarırdım, ey şahım, apar məni, Ta xətər vaxtında qalxan eyliyim mən sinəmi. V ə z i r (çahargah)-- Ahü nalə fayda verməz, əbəsdir göz yaşı, Hər işə tədbir lazımdır, gərək bu müşkülü Həll üçün bir neçə gün səbr eyləyək. Ə y a n l a r-- Şübhəsizdir ki, gərək səbr eyləyək! V ə z i r--Xurşid, sən get bir qədər istirahət elə. Qorxma sənin duan şahın üstündədir. (Xurşid gedir). Siz hər gün burada hazır olarsınız, hər halda ehtiyatı əldən buraxmaq olmaz, amma bu barədə camaat heç bir söz bilməsin, Əgər beş günə qədər şah gəldi, gəldi və ila gəlməsə…. N ö k ə r (daxil olur)--Vəzir sağ olsun, bir nəfər Şirazdan gəlib sizi görmək istəyir. H a m ı--Aha!… V ə z i r--Yəqin bu şəxsi padşah göndəribdir. İlahi, sənə şükür! Siz gediniz o biri otaqda gözləyiniz. M u s i q i. Ə y a n l a r çıxırlar, M ə s t a v ə r daxil olur, qoltuğunda bükülü keçə var. V ə z i r (rast)--Söylə görək mətləbin nədir? M ə s t a v ə r--Şiraz şəhərində bir dərviş bu keçəni toxuyub, sizin hüzurunuza göndəribdir. V ə z i r (kənara)--Ah, şahın keçəsidir, mən tanıdım! (Ona). Xob, keçə qalsın burada, sən çıx get. (Kənara). Gedim Xurşidə müjdə verim (gedir). M ə s t a v ə r (öz-özünə acıqla)--Gedim? Bəs pul, bəs pul? (T ə s n i f) Aldatdı məni mühil dərviş, Göndərdi məni sərayi şahə. Pul vermədilər, pis oldu bu iş; Sərf oldu bu qədr vəqt rahə, Gör mən sənə neylərəm, a dərviş! Durmam, gəlirəm sənə cəzaçün; Gəlcək sənə eylə sancaram niş, Ta xalq tamam vəhşətə gəlsin! M u s i q i. Gedir. M u s i q i. V ə z i r və X u r ş i d b a n u bir tərəfdən, əyanlar dəxi o biri tərəfdən gəlir. V ə z i r (şikəsteyi-fars)-- Müjdə olsun sənə, Xurşid, yarından xəbərim var. Sağ səlamət o şəhinşah, yanından xəbərim var. (Rasta enir). Gör, budur, naməsidir padşahın, bu keçə, Bunda çəkmiş, gəl-gəl etmiş, nişanından xəbərim var. X u r ş i d keçəni görcək ağlayır və keçəni öpür. X u r ş i d--Bu gecə mən bir yuxu görmüşəm, sizə nəql eyləyim! H a m ı--Söylə, söylə (qulaq asırlar). (M u s i q i) X u r ş i d-- Gecə olcaq başlamışdım mən ahi, (musiqi) Yuxu tutdu, gördüm onda mən şahi, (musiqi) İtiribdir nə isə şahim rahi, (musiqi) Məni görcək söylədi: gəl-gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!… (M u s i q i) Baxıb gördüm şahım düşdü bir çahə, (musiqi) Belə baxdım, heyran qaldım dəstgahə, (musiqi) Yüyürüb tez çahə, baxdım mən şahə, (musiqi) Məni görcək söylədi: gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!… (M u s i q i) Dedi: əl ver, Xurşid, məni azad et, (musiqi), Köməyə çağır tez xalqı, fəryad et. (musiqi), Əlimi atdım, mən şahdan yapışdım, (musiqi), Quyudan çıxcaq söylədi: gəl-gəl-gəl! Xurşid, gəl, tez-tez gəl, hey!… Hey!… Tez gəl-gəl! (M u s i q i) V ə z i r (çahargah)--Xeyir olsun, çox gözəl yuxudur. H a m ı--Xeyir olsun, çox xeyir olsun! X u r ş i d--Fikrimə bir şey gəlir…. V ə z i r--Nə var ki? X u r ş i d--Bu keçəni göndərməkdə şahın fikri nə imiş? V ə z i r--Şübhəsizdir ki, özündən xəbər verir. X u r ş i d--Yox-yox, mənim fikrimə başqa şey gəlir. H a m ı--Nə var ki? X u r ş i d--Bəlkə padşah bir təhlükə içindədir və bu keçəni göndərməklə bizə xəbər verir. V ə z i r--Yox!… (Fikir edir). Amma ola bilər. Keçəni gətirən necə oldu? N ö k ə r--Çıxdı getdi! X u r ş i d--Ah, bu saat onu geri qaytarın! V ə z i r--Doğrudur, onu geri döndərmək lazımdır! Görək şah nərədədir! N ö k ə r gedir. B i r i n c i ə y a n--Xurşidin sözü mənim ağlıma batır. İ k i n c i ə y a n--Doğrudan da, şah təhlükədə ola bilər. Ü ç ü n c ü ə y a n--Nə eyləməli, əlac nədir? N ö k ə r (daxil olur)--O adam Şiraza yola düşübdür. İstəsəniz dalınca gedək. X u r ş i d--Yox-yox, vəzir qoşun götürüb, qarabaqara onun dalınca getməlidir. V ə z i r--Mən də o fikirdəyəm. Öylə isə vaxtı itirmək lazım deyildir. Gedək. (Bir əyana). Əmr et qoşun hazır olsun. Biz hamımız, Xurşid dəxi bizim ilə bərabər o adamın dalınca yavaş-yavaş, qarabaqara gedək, görək o hara gedir; sözün doğrusu, onun sifəti mənim xoşuma gəlmədi, cəllada bənzər bir adamdır. H a m ı b i r y e r d ə--təsnif. Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir! Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur, ya düzddürmü? (M u s i q i) Allah göstərməsin, şahımda xətər olar. (2 dəfə) Şah Abbassız, Şah Abbassız dövlət puç olar. (2 dəfə) Yavaş-yavaş gedək görək bu şəxs kimdir və nəçidir! Şah Abbası nerdə görüb, bəlkə bu bir quldur və ya, düzddür, a!… Tez gedək. (Gedirlər). PƏRDƏ İKİNCİ ŞƏKİL Yenə haman z i r z ə m i d ə vaqe olur. M ə h b u s l a r və Ş a h A b b a s bidamaq oturubdurlar. Müqəddəmədən sonra pərdə qalxır. Ş a h A b b a s (kürd-şahnaz)-- Düşüb iraq yardan, oldum bəlayi-hicrə düçar! Görüb o zülmü ki, aşiqlər üzrə yağdırır girdar, Cəzavü tənbehə layiq olan şəxsə həbs bari-giran, Günah-cürmdən azad olana gör nədir bu rəftar?! Sərayi-şahda məskun, bütün cahana amirkən, Şəhin məkani bu zindan və amiri--xunxar, Gecə yatıb da yuxumda görüm ol məhi-xurşidi, Üzündə zülfi-pərişan, ahüzar edib ağlar. Nədir əlaci bu dərdin, ey xudayi-ləmyəzəli. Tükətdi ömrümü zindan, yox oldu səbrü qərar. Olarmı bir o gün allah ki, azad olam, yoxsa Yazıb qəza mənə böylə bu zindanda qəbrü məzar. (M u s i q i) M ə h b u s l a r (təsnif)-- Bizi burdan azad eylə, ey dərviş! Bizi burdan azad eylə, ey dərviş! Çağır allah, fəryad eylə, ey dərviş! Çağır allah, fəryad eylə, ey dərviş! Səni allah, imdad eylə, ey dərviş! Səni allah, imdad eylə, ey dərviş! Çağır allah, fəryad eylə, ey dərviş! Çağır allah, fəryad eylə, ey dərviş! B i r i n c i m ə h b u s (şur)--Allahın altında Şah Abbas bizim bu halımızı bilmiş ola idi; yəqin ki, ədalət-pənah bu zülmü kökündən rəf edərdi. İ k i n c i m ə h b u s--Ah, a yazıq, bu saat Şah Abbas öz sarayında gözəl-göyçək hərəmlərilə eyş-işrətə məşğuldur; bu cür nadidə zülm, yatsa da onun yuxusuna girməz. Ü ç ü n c ü m ə h b u s--Vallah, deyirlər ki, Şah Abbas çox vaxt dərviş libası geyib, şəhərbəşəhər gəzir ki, bir yerdə rəiyyətə zülm görmüş olsa, haman dəm rəf etsin. D ö r d ü n c ü m ə h b u s-Doğrudur bu söz, əmma heyf ki, Şah Abbac zülmü yerin üstündə axtarır, altına girmir ki, biz yazıqları görsün. B e ş i n c i m ə h b u s--Ağa dərviş, bəlkə sən Şah Abbası görmüş olasan, çünki çox vəqt dərviş dərvişə düçar olar. Ş a h--Mən heç vaxt ona düçar olmamışam! M u s i q i. M ə h b u s l a r bikef olub, başlarını dizləri arasında gizlədirlər. Ş a h (səmayi-şəms)-- Bunların bu sözləri yandırdı, yaxdı canımı; Zərbə vurdu başıma, etdi pərişan halımı. (Ürəyindən tutur) Sakit ol, ey qəlb, çırpınma alışmış sinədə, Ya gərək azad edim mən bunları, ya kim, töküm öz qanımı. (M u s i q i) Gər vəzirim yetməsə bu vərtədə imdadıma, Mən özüm çarə qılıb, cəng: eylərəm cəllad ilə; Çağırıb allahı, nərə çəkib fəryad ilə, Böylə göstərrəm hünər, layiq olar öz adıma. (M u s i q i) Əldə heç bir yaraq, ya ki, silahim yox isə, Gəlmiyir bu zindan içrə heç ümidim bir kəsə; Lakin ol haqqü ədalət məndədir, bunlar isə Düşməni məğlub üçün, billah, yetər fəryadıma. M u s i q i. M ə h b u s l a r qorxu ilə başlarını qalxızırlar. M ə h b u s l a r (qorxu ilə)--Diyəsən gəlir … gəlir…. Bir-birlərinə qısılırlar. M ə s t a v ə r daxil olub, qeyz ilə əllərini qoynuna qoyub, ş a h a baxır. M ə s t a v ə r (acıqla)-- Məni aldatdın, məni aldatdın, Məni aldatdın, oh!… (Xəncərini çəkir). (M u s i q i) İrəli dur! (M u s i q i) İrəli dur! (M u s i q i) Aldın möhlət, göndərdin şahın sarayına, Aldatdın dərviş məni sən! Öldürəm indi səni mən, öldürəm səni mən! Məni aldatdın, məni aldatdın, məni aldatdın! Ox!… (M u s i q i). İrəli dur! (M u s i q i). İrəli dur! M u s i q i. İstəyir həmlə etsin, Ş a h əlini qabağa uzadır. Ş a h (bayatı-Şiraz)-- Sən bədəfkar və xəbis cəllad isən, Qorxmuram səndən, buyur meydanə sən, a-gəl! M u s i q i. Ş a h ilə M ə s t a v ə r ötüşürlər. Ş a h onun xəncərini alıb, yerə atır. M ə h b u s l a r qorxularından küncə qısılırlar. M ə s t a v ə r cəld xəncəri yerdən götürüb, ş a h ı vurmaq istərkən bu halda qapılar tay-tay açılıb, X u r ş i d, v ə z i r, ə y an l a r və q o ş u n əhli içəri daxil olurlar və əhvalatı böylə gördükdə haman dəm M ə s t a və r i tutub, qollarını bərk-bərk bağlayırlar. İş böylə ikən Ş a h A b b a s ilə X u r ş i d qucaqlaşırlar. V ə z i r (rast; Məstavərə)--Bədbəxt nakəs, sən kimin üstə əl qalxızırsan? Bilmirsənmi ki, bu, padşahi-cahan Şah Abbas cənnətməkandır?! Bu halda m ə h b u s l a r yerə yıxılıb, ş a h ı n ayağına sürünürlər. Q o ş u n (qışqırır)--Yaşasın padşah! Ş a h (məhbuslara)--Durun və indi bilin ki, Şah Abbas yerin üstündəki zülmü axtarıb tapan kimi, yerin altındakı zülmü də tapa bilir. M ə h b u s l a r--Padşah!… Padşah!… (deyib, ağlamaq onları boğur, ağlayırlar). Q o ş u n--Yaşasın padşah!… Ş a h--Xurşid, doğrudan da, mən çox xoşbəxtəm ki, sənə düçar oldum və yenə xoşbəxtəm ki, sənin məğruranə sözlərini qəbul edib, sənət öyrəndim; bir sənət ki, məni və vətən övladını bir nadidə və naşidə zülmdən xilas eylədi. Görünür ki, mənim millətə olan məhəbbətim allaha xoş gəlibdir ki, səni mənə kömək göndəribdir. Bu gündən sonra belə sən, odunçunun qızı, mən İran padşahına hərəmsən! Qoy valideynin fəxr etsin. Səni bütün hərəmlər içrə şahizənan etdim. Yaşasın Xurşid!… H a m ı--Yaşasın padşah və Xurşid banu!… Ş a h--Bu məluni (Məstavərə) aparıb, Şiraz əhlinin gözü qabağında dar ağacından asarsınız, qoy xunxar qatil öz cəzasına çatsın! H a m ı--Yaşasın padşah, yaşasın padşah!… (M a r ş) Allah səni yenə şad edə, şahım! (2 dəfə) Millət səni yenə yad edə, şahım! (2 dəfə) Ey padşah, sən vətəni et (2 dəfə) Yad, vətəni, şad vətəni, yad vətəni et! (2 dəfə) Şah, çox yaşa vətənə sən! Qənimətsən vətənə sən, qənimətsən! Millətə sən qənimətsən! Millətə sən qənimətsən! PƏRDƏ * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-sah-abbas-ve-xursid-banu İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.