Satirik hekayələr Üzeyir Hacıbəyov (1885–1948) Pristav ağa M... kəndində bir qəribə halətdir. Əhali bir-bir komalarından dışarı çıxıb, guya xof və vahimədən nəşət edən bir iztirab ilə o tərəfə bu tərəfə baxaraq, kəndin gen bir küçəsinə doğru gedirlər və burada toplaşıb dururlar. “Allah özü sovuşdursun” – deyirlər. Hər kəsin üzündə bir nişanəyi-xof, hərəkətində bir cürətsizlik, danışığında bir ehtiyat müşahidə olunur. Bunlar insanı bilaixtiyar titrəməyə məcbur edəcək mərtəbədə müdhiş bir hadisə vüquinə və yaxud mütəqəddim bir şəxsin vürudinə müntəzir idilər. Vaqiən belə idi: M... kəndinin əhalisi (Allah göstərməsin) pristav ağanın təşrifini gözləyirdilər. Dünən İran sərbazına müşabəhəti olan bir strajnik “bəy” kəndə gəlib, qabağına çıxan ağsaqqalları xubunca döyüb-söyəndən sonra, “sabah pristav ağa gələcək” dedi və gecə, döydüyü ağsaqqalların birinin evində qalıb, səhər atına minib, geri qayıtdı. Şayani-diqqət burasıdır ki, strajnik bəyin kəndə gələndə cibində beş-altı qəpik pulu var idi. Lakin gedəndə bu beş-altı qəpik bir gecənin içində beş-altı manata “istihalə” etmişdi. Bu “möcüzənin” sirri ev sahibi ilə cib sahibinə məlum idi. Strajnik bəy kənddən müfariqət edər-etməz, qonşular ev sahibi Kərbəlayı Bünyadəlinin yanına yüyürüb, “pristav nə səbəbə gələcək” – deyib sordular. Kərbəlayı Bünyadəli isə – strajnik bəy evində mehman olduğunu ehsas münasibətilə böyük bir şərəfə nail olmuş kimi qeyrilərinə nisbətən ali bir can sahibi olduğunu ehsas etdirmək üçün kəmali-kibr və qürur ilə “əşi, mən nə bilim? Pristav ağanın işi kəndləri gəzib adam döydürməkdir, dayna!” – deyib xalqdan üz çöndərdi və onların atəşi məraqini söndürmədi... Pristav çox gec gəldi. Əhali kəsbü karından əl çəkib, bu günü pristav ağanı gözləməyə sərf etdilər. Hər kəs, pristav nə üçün gələcək? – deyə öz-özünə fikir edirdi. Ağanın bu qəsdini hər kəs bir bəhanə ilə özünə andırırdı. Məsələn, Cənnətqulu belə güman edirdi ki, “Pristav, Əliqulunun oğurluğunu eşidib gəlir”. Əliqulu isə deyirdi: “Ha! Pristav ağa Cənnətqulunun Məmmədcəfərlə savaşdığını eşidib gəlir və s...” Lakin “Pristav gəlir!” – bu ikisinin də hərdəm titrəməyinə səbəb olurdu. Əlqissə, axşam çağı pristav gəldi. Müvasilətindən bir az müqəddəm kəndlidən birisi qışqıra-qışqıra, dili dolaşa-dolaşa: p... p... p... pristav ağa g... g... gəlir! – deyə camaətin vahiməsini son mərtəbəyə yetirdi. İtlər hürdü, uşaqlar ağladı, arvadlar “Allah sən saxla” – deyib, ora-bura qaçdılar. Kişilər də sapsarı saralıb itləri, uşaqları, arvadları sakit etməyə başlayıb, özləri onlardan betər qışqırırdılar. Pristav ağa bir təmtəraq, bir təntənə, bir dəbdəbə ilə on nəfər cəlladməcaz strajniklərdən mütəşəkkil müini ilə belə çaparaq kəndə daxil oldular. Kəndlilər kəmali-inqiyad və itaət ilə cənab pristavı istiqbal etdilər və “sən bizim başımızın sahibisən” – deyib, əsnayi namazla rüku edən kimi, baş deyil, bədən əydilər. Lakin cənab pristav əhalinin belə izahari-təbəiyyəti-sadiqanəsindən əqmazi-eyn edib, keçən gün cibində “möcüzə” görünmüş sərbaz simalı strajniki təqib edərək, atını Kərbəlayı Bünyadın evi həyətinə sürdü. Kərbəlayı, 70 sinn altında bükülmüş vücudunu 15 yaşına yetmiş cavana mənsub bir cümbüş və hərəkətə gətirib sıçradı və pristav ağanın “cismi-əzizi” atın üstündən yerə düşürdü. Strajniklər də kəndlilərin köməyi ilə atlarından yerə süqut edib, metad qaidəyə rəayət edərək topalanmış kəndliləri qamçı ilə şaparlamağa başladılar. Və atlarını otarmaq ilə özləri üçün də bir “yaxşı” yer hazırlamağa əmr etdilər. O gecə M... kəndində bir neçə qoyun dəxi qurban edildi. Sabahı günü Kərbəlayı Bünyadın həyətində şayani-təmaşa bir drama vaqe olurdu. Cənab pristav başıaçıq və əlləri ciblərində “özünü dartmış turac kimi” qapının ağzında durub, keçmiş padşahlara mənsub bir hökumət ilə cərgə ilə düzülmüş kəndliləri bir-bir və hərəsini bir növ ilə döydürürdü. Birisini libasdan xali edib, lüt əndamına qamçı vurdururdu, digərini saqqalından tutdurub, üzünə, başına sillələr çəkdirirdi, bir qeyrisini əlibağlı ora-bura çapdırırdı. Bəzisini yerə yıxıb, təpik altına saldırdı və sairə... Döyüşə mübtəla olanlar hərdəm: “Bizim taqsırımız nədir, ağa, başuva dönüm” – dedikdə, cənab pristav və sonra da strajnik bəy tərəfindən bir neçə kəlmə föhşdən mütəşəkkil cəvabi – “şafi” alırdılar... Bu drama səhərdən günortayadək imtidad çəkdi ki, ondan sonra pristav ağa, bu qədər zəhmətdən artıq yorulub, girdi otağa və kənd mollasının evində şərəfinə keşidə edilmiş ziyafətdə (bu ziyafətdə pristavdan savay bir də Kərbəlayi Bünyadəli var idi) mükəmməl surətdə bir nahar edib, istirahət üçün bir-iki saat şirin yuxuya müstəqrəq oldu... Bidar olduqdan sonra, Kərbəlayı Bünyad tərəfindən “Əbidanə” əta olunmuş kəhər ata rakib olub və kəndçilər tərəfindən “mübarək qədəmi” münasibətilə hədiyyə edilmiş quzuları (yağ, qatıq, pendir və s. məlum işdir) müininə tapşırıb, öz paytaxtına mütəvəccihən rəvanə oldu. Ağa gedəndən sonra kəndçilər “Mumi ileyhin” sahibi təhəkküm bir zat olduğunu tosif və tərifə başladılar. * * * Bir firəng ilə söhbətim Günlərin bir günü, yəni bir neçə zaman bundan irəli nə tövr oldusa bir firəng ilə tanış oldum. Firəng məni, mən firəngi söhbətə tutduq, bir xeyli danışdıq, elədik; axırda firəng məndən soruşdu ki, bir de görüm bu Qafqazda nə qədər müsəlman vardır? Dedim, altı dəfə doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquz və bir də altı müsəlman! Dedi, bu zəhməti çəkmə, altı milyon desə idin ağzın yorulmazdı. Dedim, mən müsəlmanam, doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan doqquzun mənə artıq təsiri olur, nəinki bir milyonun. Firəng bu sözə razı oldu və sonra yenə soruşdu ki, bu altı milyon müsəlmanın içində neçə qəzetə verilir. Dedim Allahdan gizli deyil, səndən nə gizli olacaqdır: bu altı milyon müsəlmanın içində bircə dənə qəzetə verilir; bunu dediyimi gördüm, firəng yerindən elə sıçradı ki, guya, kişini ilan dişlədi! Və üzündə elə bir heyrət və təəccüb əlaməti göstərdi ki, mənim özüm də quruyub mat qaldım və ürəyimdən keçirtdim ki, yazıq altı milyon müsəlman bir gör sənin içində bircə dənə qəzetə verilməsi yad firəngə nə pis təsir elədi və halonki, sənə qalsa istərsən ki, heç qəzet yerli-dibli olmasın! Amma sonra bildim ki, firəngi təəccübə gətirən altı milyon müsəlmanın içində bir qəzetə olması deyilmiş, çünki o məndən soruşdu ki, “Müsyo, indiyədək, nə təvarixdə, nə də heç bir abrazavannı yerdə görülməyibdir ki, bir dənə qəzetənin altı milyon müştərisi olsun!!! “Neujeli” sizin bir danə qəzetənizin altı milyon müştərisi var?! Firəng bu sualı mənə verdikdə, məndən bir qəhqəhə çıxdı ki, firəng elə bildi dəli olmuşam... dedi, nəyə gülürsünüz? Dedim: heç, onu deyirəm ki, qəzetəmizin altı milyon müştərisi yoxdur, bir qədər azdır. Dedi: Beş milyon? Dedim: Bir qədər azdır. Dedi: Dörd milyon? Dedim: Bir qədər azdır. Dedi: Üç milyon? Dedim: Bir qədər azdır. – İki milyon? – Yox, azdır. – Bir milyon? – Yox, azdır. – Beş yüz min? – Yox, azdır. – Üç yüz min? – Yox, azdır. – Yüz min? – Yox, azdır. – Doxsan min? – Yox, azdır. – Əlli min? – Yox, azdır. – Otuz min? – Yox, azdır. – On min? – Yox, azdır. – Beş min? – Yox, azdır. – Dörd min? – Yox, azdır. – Üç min? – Yox, azdır. – İki min? – Yox, azdır. – Bir min? – Yox, bir az çoxdur. – Bəs neçə? – Min səkkiz yüz! Bu sözü demişdim ki, gördüm rəfiqim firəng tez bir fayton çağırıb düz vağzala sürdürdü və o gedən firəng oldu ki, getdi. Bir neçə vaxtdan sonra firəngdən bir kağız aldım ki, içində bunu yazmışdı: “Altı milyon tayfanın içində bir dənə qəzet ola, və o qəzetənin də min səkkiz yüz müştərisi ola, o tayfadan heç bir yaxşı şey gözləmək olmaz, a molla!”. “Bu sözlər məni çox yandırdı, tez götürüb cavabında yazdım ki: nə olsun, biz müsəlmanlar beləyik, amma siz firənglərin də yedikləri həmişə qurbağa ilə tısbağadır!!!” * * * Üçüncü dəllək Bizim Qarabağda cürbəcür dəlləklər var. Bunların içində eləsi var ki, həmi sənin başını qırxar, həmi hansı dişini desən çəkər, həmi boynunun ardına zəli qoyar, həmi istəsən oğlunu sünnət eylər. Amma “adikalon-madekalon” bilməz və o cürə murdar şeyə heç əlini də vurmaz, bainhəmə üstündən bərk “ətir” iyi gələr ki, ona “quyruq yağı” deyirlər. Eləsi var ki məsələn, bu gün yaxşı urusu baş vurar, buğlarını da hatərəfə desən o tərəfə eşər və bir az-maz da urus dili bilər. Stolunun üstündə də həmişə cürbəcür içi su ilə dolu “adekolon” şüşələri olar, güzgüsü də adamı “xortdan”a oxşadır. Eləsi də var ki, (yox, qoyun bunu ayrı cürə deyim): Əzizim oxucu, əqlində bir adam fərz elə, qoy bu adamın bir ayağında qaloş olsun, bir ayağında başmaq, əynində çuxası olmasın, onun əvəzində tək bircə arxalıq olsun ki, onun parçasını və rəngini tanımaq üçün gərək əlinə bir bıçaq alıb dörd gün çirkini qazıyasan. Belində bir qayış olsun və qayışın ucu da böyürdən sallansın, çiynində bir məhrəba asılsın və o məhrəba da gərək qab dəsmalına oxşasın. Belindəki qayışa ülgüc formunda iti bir bıçaq sancılsın və o bıçaq ilə də qarpız kəsildiyi məlum olsun; onda bu adam olar həmin mən dediyim dəllək. Bu dəlləklərin dükanı olmaz, bunlar günlərini elə bazarda keçirərlər və özləri də həmişə kəndli-məndliləri qırxarlar, onda çox fənd eləyirlər; məsələn, görürsən ki, bir kəndli yayın isti günü bazara meyvə gətirib satıblar və özü də aşbazdan iki şiş lüləkabab alıb günorta üstü bir sərin yerə çəkilib dürməkləyir və öz-özünə də fikr eləyir ki, görəsən baqqal onu allatmadı ki, evdə arvad nə tapşırmışdı və sairə. Bu vaxt kəndli hiss elər ki, başı kicişir, əlini atar ki, qaşısın – bir adam deyir ki: “Yavaş, tərpənmə, ülgüc başını kəsər”. Kəndçi dik ayaq üstə sıçrar və görər ki nə? Həmin bayaq yazdığım dəllək onun başını bir xeylaq qırxıbdır və özü də məzəmmət eləyir ki, əşi, uşaq-nəvalıq deyilsən ki, düz otura bilməzsən. Otur, tərpəndin, ülgüc də bir az başını cızdı... Sonra bilməyirəm bunların sövdası necə olar, ancaq onu bilirəm ki, kəndli evinə qayıdan zaman başını iki dəsmal ilə bağlamış qayıdar. Bu söhbəti salmaqdan məqsədim o idi ki, bunu deyim ki, görəsən bu Yevropa hökumətləri ki, belə gəlib müsəlman hökumətlərinin dinməzcə başlarını qırxırlar ki, heç kəs də onlara bir söz deməyir. Qarabağın hansı dəlləklərinə oxşayırlar? Mənim əqlim kəsir ki, bizim bu bazar dəlləklərinə çox oxşayırlar. Nə üçün? Ondan ötrü ki, məsələn, indi, götürək bu gün İranı, hamınıza məlumdur ki, indiyə kimi İranın başını iki nəfər “dəllək” qırxmaqdadır ki, onlardan birisi ingilis, o birisin də ki (qoy yavaş deyim eşitməsin!) özünüz tanıyırsınız. İndi də demirsinizmi ki, bu yandan üçüncü “dəllək” çıxıbdır. Budur ki, neçə ildən bəridir ki, Osmanlının başını qırxan və çox vaxt da “bilməyib” qulağını kəsən Germaniyadır. Deyir indi də İranın başını mən də qırxacağam! O birilərə deyir: “Ay balam, axı neçə ildir ki, elə hazır bu kişinin başını podrata götürməmisiniz ha, mən də qırxacağam!”. Qərəz, mən onu deyirəm ki, İran görsün başına bir təhər çəkə bilərmi, yoxsa, bir də görərsən ki, dördüncü “dəllək” çıxdı; onda bir gün olar ki, İranı da Fas sultanının gününə salıb “kiliz” qoyarlar. * * * Məşədi Kabilin Təbriz səfəri Məşədi Kabilin başı çox qarışıq idi, cürbəcür “vajnı” işləri var idi ki, bunların hamısını bir-bir düzəltmək lazım idi. Bir işi o idi ki, gərək oğlunu işkolaya qoysun, ondan sonra qızını köçürsün və bunlar hamısı keçəndən sonra Təbrizə gedib mal gətirsin və dükanını olduğu yerdən ayrı bir yerə köçürsün və bundan başqa o qədər xırda işləri var idi ki, bəzi vaxt heç başını qaşımağa da macalı olmurdu. Məşədi Kabilə məsləhət gördülər ki, əvvəlcə Təbrizə gedib dükan işlərini düzəltsin, sonra o biri işlərinə şüru etsin. – Elə yaxşıdır, əvvəlcə işlərini bir qurtar, sonra Allah qoysa, qayıdarsan, can sağlığı olsun, o biri işlərini də düzəldərsən! – deyib arvadı da Məşədi Kabilə bunu məsləhət gördü. Məşədi razı oldu və başladı Təbrizə səfərə hazırlaşmağa... Söyləyirlər ki, London ingilisləri bazardan evlərinə bir parça kağız yazıb göndərirlər ki: “Məni nahara gözləməyin, Hindistana gedəcəyəm”. Və arvad-uşağı ilə görüşməyi qayıdan başa qoyub, paroxoda minib gedirlər. Amma bizim müsəlmanlar nədənsə qürbətdən çox qorxurlar. Odur, məsələn, Bakıdan Biləcəriyə və ya Şuşa qalasından Ağdama getmək lazım olanda çox bikef olurlar, arvad-uşaq da bikeflənir və yola düşəndə də az qalırlar ki, ağlaşma qursunlar. İndi Məşədi Kabil də Təbrizə gedəcəyini yadına salıb, bir az bikef olmuşdu, arvad-uşaqlar da bikef idi. Ancaq bircə Kərbəlayı Səfinin vecinə deyildi. Pəncərənin ağzında oturub səfərə hazırlaşan Məşədi Kabili gözləyirdi və uşaqlara təsəlli vermək üçün deyirdi: – Allah qoysa atanız bu gün çıxar, bir-iki gündən sonra olar Təbrizdə, amma görün sizə nələr gətirəcək! Təbriz yemişi, bax, kişmişləri bu boyda olur, bax, badamları qoz boyda, çoxlu xurma gətirəcəkdir ki, biri yumruq böyüklükdə. İşin bu məqamı balaca uşaqların bir qədər kefini açdı. Balaca Səməd isə tək bir yemişlərə kifayət etməyib, bir Təbriz xoruzu da istədi. – Bəs, Təbriz xoruzu da gətirər, – deyib Kərbəlayı Səfi onu arxayın etdi. İki saatdan sonra min cürə dualarla, daldan su atmaqla, qapıya Quran çıxartmaqla Məşədi Kabili yola saldılar... Bir saatdan sonra bazara xəbər düşdü ki, Məşədi Kabili paroxod qabağında öldürdülər! * * * Bazar söhbəti – Məşədi Səməd, bir bura bax! Vay Məşədi Səməd! Bura bax, söz deyirəm! – Bu saat! Qoy bir bu çuxanın burasını tikim! Yiyəsi gözləyir. – Əşi, bir bura bax, sonra tikərsən. Sənə bir yaxşı əhvalat deyəcəyəm. – Sən de, mən qulaq asıram! – Bura bax, rəhmətlik Əliqulu bəyin dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın? – Yox, necə Əliqulu bəyin? – Əşi, nə deyirsən, dostun Mirzə Cəfərin aşnası Əliqulu bəyi tanımırsan? – Hə, keçəl Əliqulu bəyi tanıyırdım. – Onun dayısı Kərbəlayı Hüseynəli bəyi tanıyırdın? – Tanıyırdım, necə? – Axı, Kərbəlayı Hüseynəli bəyin bir nökəri var idi. Adına Yırtıq Səfi deyərdilər, bir arvadı da var idi, neçə ildi ki, doğmurdu, sonra gedib Qarabasan kəndindən bir qız aldı, özü də deyirlər ki, bəy qızıdır, ondan da Yırtıq Səfinin bir oğlu oldu ha! – Hə, necə? – Ta nə hə, haman o oğlan indicə bir rus qızı ilə gəlib bizim dükanın qabağından keçdi. – Əşi, nə deyirsən? – Sən öl, and olsun Allaha, özüm ölüm ki!.. * * * Hara qaçacaqlar? Ravi belə rəvayət eləyir ki, Eynüddövlə, Şüca Nizam, Rəhim xan, Mir Haşım, Mirzə Həsən, Mirzə Kərim və qeyriləri – bunlar hamısı Təbrizdən çıxıb qaçarkən şaha belə bir məktub yazıblar: “Salam-duadan sonra yazıb məlum edirik ki, “ma səd nəfər budim tənha, onha, yek nəfər budənd cəm”, ona binaən Təbrizdən qaçdıq, vəssalam.” İndi mən öz-özümə fikir edirəm: yaxşı, bunlar hara qaçacaqdırlar? Tehrana? Xeyr! İndi bu saat Məhəmmədəli şahın onlara elə acığı tutub ki, hərgah o, “səd nəfər tənha”dan birini görsə, elə vurar ki, başı süpəhsalar məscidi kimi darmadağın olar. Bəs hara? İranın sair şəhərlərinə? Xeyr! Hərçənd İranın sair şəhərləri Təbriz əhlini aldatdılar və yalandan dedilər ki, ay budur köməyə gəlirik, ay on min adam göndəririk, ay bu gün çatar, ay sabah çatar, ha budur gəldilər, ha atlıların başı çıxdı – qərəz çox səs-küy elədilər, amma axırından bir şey çıxmadı, atlıların nə başı göründü, nə quyruğu, yazıq təbrizlilər gözlədilər, gözlədilər, axırda qəti ümid olub, dedilər: özünə bağla ümidini, özgəyə bağlama. Amma yenə də... Heç ağlım kəsmir ki, bu şəhərin adamları Təbrizdən qaçan “qəhrəmanlara” ağuşlarını açıb üzlərindən öpsünlər və desinlər: “Yuxay, nə yaxşı ki, sağ-səlamət gəlib çıxdınız”. Çünki əgər bu şəhərlərin birində namus olmasa, barı insaf olar. O birində insaf da olmasa, barı bir parça qeyrət olar! Bir ayrısında namus, insaf və bir parça qeyrət olmasa, bir qədər həmiyyət olar; bir ayrısında namus, insaf, bir parça qeyrət və bir qədər həmiyyət olmasa, bir dıtdaq mürüvvət olar. Bir özgəsində namus, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət olmasa, barı bir barmaq ağıl olar. Yenə bir başqasında namuş, insaf, bir parça qeyrət, bir qədər həmiyyət, bir dıtdaq mürüvvət, bir barmaq ağıl olmasa da barı bir anbar qorxaqlıq olar. Amma qorxaqlıq olar, çünki qorxaqlıq oldu ki, Təbrizə köməyə getmədilər və indi qorxaqlıq olar ki, Təbrizə kömək edərlər, çünki daha Səttarxanın gücü məlum oldu. Kişi padşah ilə padşahlıq etdi. Halbuki bütün İran və bizim Bakıda bütün Quba meydanının adamları deyirdilər ki, padcahnan padcahlıq eləmək olmaz. Amma görünür ki olar və necə ki oldu! Hə, bəs indi bu adamlar hara qaçacaqdırlar? Rusiyaya?.. Xeyr, Rusiyada məşrutə var. Məşrutəli yer onları qəbul etməz. Bəs hara? Elə mən bu fikirdə idim ki, gördüm idarəmizin qabağında iki nəfər adam acıqlı danışır. Biri deyir: – Adə, boynu sınmış Cəfər necə oldu? O biri deyir: – Getdi. – Hara? – Əşi, cəhənnəmə, gora! Mən nə bilim! İndi ağlım kəsir ki, mənim sualıma da bu cürə cavab verməkdən başqa bir çarə yoxdur. * * * Başa düşmədi Keçənlərdə idarəmizə Yevropadan bir nəfər adam uçub gəlmişdi. Söhbət arasında dedi ki, bizim Yevropada böyük bir həyəcan və qorxu vardır. Dedim: Səbəbi nədir? Dedi: – Səbəbi odur ki, Yevropaya çox həyəcanlı xəbərlər gəlir ki, müsəlmanlar böyük bir surətlə tərəqqi edirlər... Dedim: – Təəccübdür, bizim tərəqqimiz sizi qorxudurmu? Dedi: – Bilirsiniz, insaniyyət nöqteyi-nəzərincə çox şad eyləyir. Biz sevinirik ki, bizim növümüz yavaş-yavaş zillətdən qurtarır. Amma o biri tərəfdən, bilirsiniz, bu əyyam bir əsri – mubarizeyi-həyatiyyə əsridir. Yəni dirilik üçün dava eləmək əsridir. Onun üçün biz istəməzdik ki, dirilik üçün dava edənlər bizim kimi elm quvvətilə güclü olsunlar. Məsələn, bu gün elm və mədəniyyət qüvvətilə yaraqlanmış olan İspaniya Fas ərəbləri ilə dirilik üçün dava eyləyir. Onun üçün İspaniyanın firənglərə çox bərk acığı tutubdur. Deyir ki, axı sən nə üçün bu vəhşilərə mədəniyyət ucunu göstərib tüfəng atmaq öyrətdin ki, onlar da bizə tüfəng atırlar. Bütün aləm də bunu boynuna alır ki, əgər Fas ərəbləri Yevropa mədəniyyətini öyrənsələr İspaniyanı beş-on gün içində darmadağın edib, əvvəlcə də mədəniyyət gücü ilə İspaniyanı öz mülkü etdiyi kimi, bu səfər də eləcə edər. (Çünki o zaman ki, Yevropa mədəniyyətdən məhrum idi, ərəblər ən şəşəlli bir mədəniyyətə malik idilər, yəni bütün elm və fənlər aralarında getdikcə tərəqqi edirdi. O halda İspaniyanı ərəblər alıb, islam dövlətinin bir vilayəti etmişdilər!.. Amma sonradan... əşi, Allah mollalara insaf versin.) Mən yevropalıya dedim ki, əzizim, bizi bağışlayın, sizin qorxunuz bizim tərəqqimizə mane ola bilməz. İstər sizin qorxudan ürəyiniz getsin, biz yenə tərəqqimizi əldən buraxmayacayıq. Biz tərəqqi eləyəcəyik. Dedi: – Bircə onu de görüm indiyə qədər çoxmu tərəqqi eyləyibsiniz? Dedim: – Çox eləmişik! Dedi: – Olmazmı, öz tərəqqinizdən mənə nümunə göstərəsiniz? Dedim: – Olar, çıxaq bayıra! Bayıra çıxdıq, yevropalıya dedim tamaşa elə. Dedi: – Baxıram. – Gördünmü? – Nəyi? – Tərəqqini? – Hanı? Heç bir şey görmədim! – Bəs görmədinmi ki, buradan bir nəfər saqqallı müsəlman keçdi ki, ayağına çəkmə geymişdi. Onun ayağına çəkmə geyməyi çox böyük tərəqqidir. Dedi: – Anlamıram nə deyirsən. Dedim: – Belə beş-altı il bundan irəli hər kəs ayağına başmaqdan başqa özgə bir şey geysəydi, ona salam vermək əvəzində “Allah saxlasın” – demək lazım gəlirdi. Amma tərəqqimiz bu gün o dərəcəyə çatıbdır ki, çəkmənin başmaqdan rahat olduğunu hamımız boynumuza almışıq. Dedi: – Heç başa düşmürəm nə deyirsən? Bir az ora-bura göz gəzdirdim: – Bax, bax, müsəlman arvadları faytona minibdilər! Dedi: – Nə olsun? Dedim – Paho! Bir neçə il bundan irəli nəinki arvad, hətta kişi cürət edib faytona minsəydi, haman dəm faytonun çarxları bir tuği-lənət olub onun boynuna keçərdi! Dedi: – Sözün doğrusu, heç qanmıram nə deyirsən? Dedim: – Bir ora bax, iki nəfər müsəlman bir-birinin yanından keçdi və heç bir şey olmadı. Dedi: – Nə olsun? Dedim: – Pa! Bir-iki ay bundan irəli onlar bir-birinin yanından keçsə idilər, haman dəm atışıb bir-birini öldürmüşdülər. Halbuki indi, heç bir zad olmadı. Bundan artıq nə tərəqqi? Dedi: – O sizin tərəqqi deyildir, o, Martınovun qorxusudur! Sən bircə mənə de görüm realnidə, gimnaziyada, universitetlərdə oxuyan uşaqlarınız çoxdurmu? Dedim: – Vallah onlar çox olardı, hərgah bir məsələ ümum müsəlmanların qabağını kəsməsəydi. Dedi: – Nə məsələdir? Dedim: – Çox böyük məsələdir. Əyilib qulağıma dedi: – Hökumət qoymayır? Dedim: – Xeyr, onun bir sözü yoxdur, bu məsələ başqa məsələdir. Dedi: – Bir de görək nə məsələdir? Dedim: – Şalvar məsələsidir? – Necə şalvar? – Adam geyən şalvar! Dedi: – Canım, sən müəmma ilə danışırsan, açıq de görüm nə demək istəyirsən! Dedim: – Qoçaq, bundan açıq söz olmaz, şkola gedən uşaqlar dar şalvar geyirlər və dar şalvar da bizlərdə çox pis şeydir. İndi həmin məsələ bizim qabağımızı kəsdiyinə görə işkolaya uşaq qoymaqa cürət eləmirik. Bu sözlərdən sonra əcnəbi əvvəlcə çox güldü, amma sonra bir qədər fikrə gedib birdən başladı uşaq kimi ağlamağa və ağlaya-ağlaya bu sözləri dedi: – Biz elm sayəsində havada quş kimi uçuruq, amma bunlar hələ şalvar məsələsinə məşğuldurlar... (Dedi və uçub getdi.) * * * Təhsil Mən məktəbdə oxuyanda, bizim məktəbə təzə bir molla təyin eləmişdilər. Yəni bu molla “ekzamen” tutmuşdu və o “ekzamendə” heç bir kəs onunla bərabər ola bilməmişdi. Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdir ki: – Mən bütün ülum və fününa darayam. Kişi “dara” olmaya bilməzdi, çünki səkkiz il məktəbdə oxuyub, bircə dəfə də fələqqəyə düşməmişdi. Sonra ikmali-təhsil üçün İrana gedib səkkiz il də Təbrizdə oxumuşdu və bədə Təbrizdən Tehrana yollanıb dörd il də orada və ondan sonra beş il Məşhəddə və bunlardan başqa dörd il də İranın bir şəhərində təhsil etmişdi ki, onun adı yadımda qalmayıbdır. Dərs vaxtında bu axund bəzi vaxt bizim ilə dostanə söhbətlər edərdi, böyük səfərlərindən nağıl edərdi, çox şirin söhbət eylərdi. Bir dəfə ondan soruşduq ki, axund İran böyükdür, yoxsa Rusiya? Dedi: – Əgər İranın bu başından düşəsən və gecə-gündüz yol gedəsən və hər bir saatda yetmiş ağac yol eləyəsən və yetmiş il səfər eləyəsən, hələ gəlib İranın yarısına çatmazsan. Dedik: – Axund, bəs ruslar yazırlar ki, İran Rusiyadan 20 dəfə balacadır. Axund buna şeirlə çavab verdi: Key nik-bəxt, an nə şekle-mən əst Vəlakin, qələm dər kəfe-doşmən əst! Bir gün uşaqlardan biri dedi: – Axund, heç dəryanın dibini bilmək olar? Axund dedi: – Budur mən iyirmi beş il oxumuşam və iyirmi beş il sümük sındırıb bütün ülum və fününə dara olmuşam, amma, indiyə qədər bir kitabda görməmişəm ki, dəryanın dibini bilən olsun. Yoldaşlarımızdan biri dedi: – Axund, bəs ruslar yazırlar ki, dəryanın lap dərini səkkiz verstdir. Axund güldu və bunu nağıl etdi: – “Zərəfşan” kitabında oxumuşam ki, İskəndər-Zülqərneyn dünyanın üzünü alandan sonra, istədi ki, dəryaların dibini də alsın, ona görə dəryanın içinə cumub yetmiş il yol getdi. Nagah burada bir adama rast gəldi ki, axtarır. Sual etdi ki, sən nə axtarırsan. Dedi ki, yetmiş il bundan əvvəl mənim əlimdən bu dəryaya bir balta düşüb, dəryanın dibinə gedibdir. İndi mən gərək bundan sonra yetmiş il yol gedəm ki, bəlkə dəryanın dibinə çatam. İskəndər-Zülqərneyn bu əhvalatı eşidib səfərindən əl çəkdi. Yoldaşlarımızın içində bir “dələduzu” vardı, dedi: – Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal? Dedi: – Haramdır! Dedi: – Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qədər pul qoyum ki, putu altı manatdan iki kəllə qənd və girvənkəsi iki manatdan beş girvənkə çay alıb, üstünə də nəqd on beş manat pul qoyub bir axunda göndərim. Axund dedi: – O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır. Bu əhvalatdan sonra, gördük ki, fəziləti-axund məlum şüd. İştə iyirmi beş il oxumaq zarafat deyildir. İyirmi beş il – bir əsrin dörddən biridir. * * * Balaca felyeton Beş manat əhvalatı Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını açıb məni işarətlə çölə çağırdı. Mən haman saat çölə çıxıb – nə buyurursunuz? – sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşını abibaran kimi axıdıb mənə dedi: – Başına dönüm, mənim bir oğlum var, hansı ki, Xarkovda oxuyur. Budur üç ildir ki, mən bir tövrlə ona pul göndərirəm. İndi məktəbi qurtarmağına qalıbdır iki il. Mən də olub-olanımdan çıxmışam. İndi bir qara qəpeyim yoxdur ona göndərəm ki, bu neçə il çəkdiyim zəhmət əbəs yerə olmasın. Bu da mənim oğlum yazan kağızdır. Səndən təvəqqə edirəm bu barədə mənə kömək verəsən, yoxsa biabır olası yerimdir. Mən dərhal öz aldığım məvacibi, kişinin halətini mülahizə edib gördüm mənim donluğumdan kişiyə haray yoxdur. Haman günü bir məclis tərtib edib öz dost-aşnalarımdan oraya cəlb edib, bir siyahı bina edib, insaflı kişilərimizdən ianə yığmağa məşğul oldum. Kimə müraciət etdimsə, pul tələbində müzayiqə etmədi. Sonra növbət gəldi bizim Hacı dayıya və ümidim var idi ki, Hacı bişəkk və şübhə 10, ya 15 manat verəcəkdir. Hacı dayının dükanına bir neçə yoldaşlar ilə varid olduq. – Hacı dayı, salaməleyküm. – Ba, əleykümessəlam, bəy dadaş! – Buyurun, buyurun, xoş gəlibsiz. A gedə çayçı, çay gətir. – Xeyr, Hacı dayı, çox təşəkkür edirəm. Çay içməyəcəyəm, sizin yanınıza bir cüzi təvəqqeyə yoldaşlarla gəlmişəm, ümidvaram təvəqqeyimiz qulluğunuzda məqbul olub müzayiqə etməyəcəksiniz. – Bəs, bəs, bəydadaş, bu nə sözdür, sən mənə qulluq buyur, mən həmişə can və başla düzəltməyə hazıram. – Hacı dayı, bir artıq sizə zəhmətim yoxdur, bir şəxsin oğlu Xarkovda oxuyur, atası onun xərcini indiyə kimi çəkibdir. Amma indi əli aşağı düşməyə görə və müsəlman qardaşımız olmağa görə onun üçün bir az pul cəm etmişik ki, o cavan puldan məəttəl olub oxumağını yarımçıq buraxmasın. Ona görə 5 manat da siz əta ediniz, ianə cəmi təriqilə ki, sizin adınızı siyahıya yazaq. – Ha, ha, ha, ha... Qəribə təklifdir. Yaxşı! Bəydadaş! Mən üç dəfə həccə getmişəm, dördüncü dəfə həm niyyətliyəm. Mən həcc pulumu pozub, nə tövr Rusiyaya göndərim? – Hacı dayı, nə vaxt Allah qoysa bu dəfə həccə təşrif aparacaqsınız? – İnşallah, bəydadaş, gələn il. – Yaxşı, Hacı dayı, gələn ilədək məgər siz 5 manat qazanmayacaqsınız ki, gələn ilki həcc pulunu pozmayıb, üstünə qoyub gedəsiniz? – Xeyr, əzizim. Mətləb burasındadır ki, bu gün banka 10 min manat yola pul salasıyam ki, veksilimin vaxtı keçməsin. – Zərər yoxdur, Hacı dayı, onda sabah gəlim, sabah verərsiniz. – Xeyr, xeyr, sabah zəhmət çəkməgilən, sabah usta Qarapetə min manat borc vəd etmişəm, ona görə gərək verəm ki, binəvanın pambıq pulu kəsirdir, aparsın, pambıq alsın. – Zərər yoxdur, Hacı dayı, birisi gün gələrəm. – Xeyr, xeyr, xeyr!.. Birisi gün Hacı Qulaməli kişinin oğluna nömrə pulu yığılır, ona pul göndərəcəyəm. – Zərər yoxdur, Hacı dayı, o birisi gün gələrəm. – Xeyr, xeyr, xeyr!.. O birisi gün barama almışam, onun pulun gərək verəm, gəlmə. – Zərər yoxdur, Hacı dayı o birisi gün, gələrəm. – Xeyr, xeyr, xeyr, xeyr, gəlmə. – Niyə? – Çünki. – Nə çünki? – Çünki. – Nə çünki? – Belə! – Nə belə? – Çünki belə. – Necə çünki belə? – Çünki habelə və genə habelə, mən sözün vazehi ruscanı oxuyana töbə etmişəm pul verməyəm, vəssalam. – Hacı dayı bu nə sözdür sən danışırsan, ruscanı oxuyan müsəlmanlara sən gərək təşəkkür edəsən ki, hal-hazırda dəftərxanalara və qeyri-divanxanalara gedəndə dil bilməyib mat-məəttəl qalırsınız. – Nə vaxt mənə dil bilən lazım olsa, mən pul ilə tutub apararam, mənə dilmanclıq edər. –Yaxşı, Hacı dayı, dilbilən müsəlman qardaşlarımızın birisi də artıq olsa, nə ziyan edər? –Xeyr, xeyr, xeyr, xeyr! Mən, sözün doğrusu, haman oğlana nəinki beş manat, hətta beş qəpik də göndərə bilmərəm. Çünki mən göndərdiyim pulla oxuyub, sonra bir rus ovrəti alıb həm məni tanımayacaqdır. Xülasə Hacı dayıdan əlimi üzüb getdim dəftərxanaya. Günlərin bir günü idi, gördüm mənim Hacı dayım kürkünün qollarını sallaya-sallaya gəlir. Gələn kimi şappadan içəri girmək istəyəndə qapıda duran kazax döşündən bir yumruq vurub Hacı dayını saldı bayıra. Mən bunu qəbul etməyib, Hacı dayını yanıma çağırıb sordum ki, niyə gəlibdir. Hacı dayı dedi ki, bu gecə qonşusunun dükanından bir cüt başmaq oğurlanıbdır. Müqəssir bunun oğlunu güman edib həbsə salıbdılar, indi gəlibdi ki, naçalnikdən təvəqqe etsin, oğlunu zaminə versin. Çifayda rusca dil bilmir ki, getsin naçalnikin yanına. Dedim: – Necə, Hacı dayı, rusca bilən gətirməyibsən? Dedi: – Xeyr. Dedim: – Niyə? Dedi: – Çünki! Dedim: – Çünki? Dedi: – Ruscanı bilən məndən on manat istədi, indi dilbilən qardaş əlac sənə qalıbdır, mənə kömək elə, burada mən gəldim, sonra Hacı dayının işini də yola verib yola saldım və sabahı gün gördüm bir paketdə bir dənə üçlük manat göndərib və təvəqqe edibdir ki, haman oğlana göndərim. Sağ olsun belə Hacı dayı da. * * * Pruşkeviç və Hacı Xudu Günlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır. Hacı Pruşkeviçə dedi: Sən bir göyçək adamsan, amma sənin şəklini, nədənsə, çox pis çəkiblər. Pruşkeviç Hacıya cavab verdi: – “Ke, ey nikbəxt, an nə şekle mən əst, Vəlakin qələm dər kəfe doşmən əst”. Sonra Hacı yenə soruşdu: – Bir də deyirlər ki, sən və sənin kimi adamlar biz müsəlmanlara zidsiniz. Müsəlmanların bədxahısınız. Pruşkeviç cavab verdi. – Mən də bilmirəm, doğru deyirlər, yoxsa yalan. İstərsən mən də bir-iki kəlmə danışım. Gör yalan deyirlər, yoxsa haqq danışırlar. Hacı razı oldu və Pruşkeviç başladı danışmağa. Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda qəzet olsun. Hacı. Onu biz də istəmirik. Qəzet bizim şəriətimizdə haramdır. Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda teatr olsun. Hacı. Biz özümüz də onu istəmirik. Teatr şəriətimizdə haramdır. Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda musiqi çalmaq, şeir yazmaq və şəkil çəkmək işləri tərəqqi etsin. Hacı. O çür şeyləri biz özümüz də istəmirik. Onlar hamısı şəriətdə haramdır. Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlar nemes dili, firəng dili, hesab, coğrafiya, hikmət, fəlsəfə, kimya, tarixi-təbiət, tarixi-bəşər, həndəsə, müsəlləsat və bu cür şeyləri bilsinlər. Hacı. Bu cür şeylərin hamısı küfrdür. Biz özümüz də onları istəmirik. Pruşkeviç. Mən istəmirəm ki, müsəlmanlarda üsuli-cədid məktəbləri olsun. Hacı. Allah üsuli-cədid çıxardanlara lənət eləsin. O cür məktəblər hamısı bicxana yığıncağıdır. Pruşkeviç. Mən istərdim ki, müsəlman məktəblərinin hamısı ruhani məktəbləri olsun. Hacı. Əlbəttə, əlbəttə... Biz də onu istəyirik. Pruşkeviç. Amma bu şərtlə ki, o məktəblərdə şəriətdən başqa özgə elmlər oxunmasın. Hacı. Allah atana rəhmət eləsin. Bəs biz dediyimiz nədir? Pruşkeviç. Bəs belə! Hacı. Doğrudan deyirsən, yoxsa zarafat eləyirsən? Pruşkeviç. Xeyr, doğrudan deyirəm. Hacı (şad və xürrəm). Əlini mənə (ürəyində) zərər yoxdur, sonra əlimi suya çəkərəm. (Aşkara) Hər kəs sənə pis deyir, onun özü pisdir. Bu canım üçün hərçəndi sən urussan, amma bir çox müsəlmanlardan daha müsəlmansan! Təki müsəlmanların sənin kimi bədxahları çox ola. Pruşkeviç. Arxayın ol. Mənim kimilər çox-çoxdur. Amma təki müsəlmanların çoxu sənin kimi ola. Haçı. Arxayın ol, mənim kimilər çox-çoxdur! Pruşkeviç. Bəs yerdə qalanlar? Hacı. Yerdə qalanların hamısı babılardır. Pruşkeviç. Bizim də yerdə qalanların hamısı cuhuddur. Bundan sonra ikisi də yuxudan ayıldılar. İndi bir adam lazımdır ki, bunların ikisinin də yuxusunu yoza... * * * Qarabağın keçmiş günlərindən Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu: – Uduzdunmu? Azad bəy: – Yox əşi, – deyib arvadını aldatmağa başladı. – Əvvəl uduzmuşdum, amma sonra yenə uddum. Tək beş manat uddum! Lakin qəlbən öz-özünü məzəmmət elədi: “Yalansa, Allah mənə lənət eləsin! Gözümün ağı-qarası əlli üç manatımı uduzmadımmı?” Doğrudur, Gülnisə xanım ərinin “uddum” sözünə inanmadı, lakin yenə də bir söz deməyib, yalnız bir ah çəkdi. Sonra ərinin təvəqqeyinə görə nökər Hüseynəlini çağırdı ki, naharı çəkib versin. Nahar bozbaşdan ibarət idi ki, onun da ətini, noxudunu, hətta suyunu da binavə Hüseynəli dalaşa-dalaşa dükançılardan borc almışdı. Ər və arvad oturub çörək yedikləri yerdə otağın qapıları şaqqıltı ilə açılıb, Azad bəyin oğlu – valideynin fərzəndi – yeganəsi içəri daxil olub deyil, hücum edib qoltuğunda olan kitabları şappıltı ilə otağın ortasına tolazladı. Xudadad bəy (oğlanın adı idi) realnı məktəbdən qayıtmışdı. Bu, “pəhləvanlıqdan” sonra Xudadad bəy məktəb paltarını tələsik soyuna-soyuna, divanəvar bir səs ilə çığırdı: – Vallah, ta mən oxumayacağam, billah oxumayacağam, qoy direktor acığından partlasın, cırılsın, yenə oxumayacağam! Ana, hanı mənim müsəlman paltarım? Azad bəy nahardan başını qovzayıb kəmali-təəccüb ilə oğluna tərəf baxdı və soruşdu ki: – Ədə, başına at təpməyibdir, səni cin vurmayıbdır, içib kefli deyilsən, nə qayırırsan? Oğlu isə ağzını-üzünü qırışdırıb dedi: – Əşi, sən də qoy görüm!.. Bilmirəm bu nə deyir! Ağız, ana, hanı mənim papağım, çuxam, arxalığım? Dur by saat bura ver, geyim! Azad bəyin acığı tutdu və istədi ki, ağzını açıb bir söz desin, lakin arvadı onu bu işdən mən edib dedi: – “Sən dinmə bircə!” – və özü ayağa durub gəldi oğlunun yanına və mülayim, mehriban dil ilə dedi: – Bala, müsəlman paltarını neynirsən? Neçin buluzunu çıxarırsan? Oğlan cavab verdi ki: – Mən bir də ta oxumayacağam! – Neçin? – Elə heylə, oxumaq istəmirəm. – Axı, neçin oxumaq istəmirsən? – Oxuya bilmir, şüuru yoxdur! – deyib Azad bəy oğlunun əvəzindən cavab verdi. Bu isə Xudadad bəyə xoş gəlməyib istehza ilə dedi: – Hə, oxuya bilmirəm! O gözü kor urus başmaqçı Səfinin oğluna “pyat” qoyub, mənə də “dva” qoyanda, əlbəttə ki, oxuya bilməyəcəyəm! Atası: – Yaxşı oxu, sənə də “pyat” qoysun. Oğlu: – “Yaxşı oxu!..” Məndən yaxşı oxuyan yoxdur. Atası: – Bəs nə üçün sənə “dva” qoyur? Oğlu: – Çünki o kor urus mən ilə ləcdir! Gülnisə xanım bu söhbətə müdaxilə elədi: – Bir deyin görüm, sən allah, mən qanmıram, kor urus kimdir, “pyat” nədir, başmaqçı Səfinin oğlu kimdir, “dva” nədir? Azad bəy arvadını başa salırdı: – Belə kor urus bunların uçitelidir, başmaqçı Səfinin oğlu da bunun yoldaşıdır. Uşqollarda pis oxuyanlara “dva”, yəni “iki” qoyurlar, yaxşı oxuyanlara da “pyat”, yəni “beş” qoyurlar. İndi bizim bu oğlana görünür ki, “iki” qoyublar, yoldaşı başmaqçı oğluna da “beş”, odur ki, bunun acığı tutubdur. Gülnisə xanım dedi: – Neçin sən bəy oğlu ola-ola, sənə iki qoyurlar, amma başmaqçı oğluna beş? Neçin demirsən ki, ay uçitel, mənə beş qoy, altı qoy, mən bəy oğluyam, mənə yeddi, səkkiz də azdır... Başmaqçının oğlu nədir ki, ona beş-beş qoyur?.. Azad bəy: – Ağlına maşallah! – deyib arvadının qanacağına “təhsin” oxudu. Xudadad bəy isə acığının içində də gülümsəyib, üzünü divara tərəf tutdu ki, atası onun gülümsədiyini görməsin. Sonra özünü yığışdırıb acıqla anasına qayıtdı: – Ağız, qanmadığını danışma, tez ol mənim paltarımı bura ver! Vallah ta bir də oxumayacağam! Qoy cəhənnəm olsun direktor da, kor urus da, o da, birisi də. Tez ol, acmışam! Anası oğlunu sakit edirdi: – A balam, bir soyunma, əvvəl çörəyini ye, sonra paltarını dəyiş dayna!.. Oğlu razı oldu: – Di yaxşı, mən çörəyi yeyincə, sən paltarı hazırla! – Bunu deyib döşü açıq olduğu halda oturdu deyil, yıxıldı atasının yanına və mürəkkəbli əlini biləyinədək soxdu bozbaş kasasının içinə. Azad bəyin ovqatı təlx oldu. Dedi: – Ədə, adamsan, bir əlini yuyaydın, ondan sonra çörəyə oturaydın! Neçin belə dəli-şəli olmusan? Bu söz Xudadad bəyin xatirinə dəydi, “yemirəm” deyib geri çəkildi. – Zəhrimar olsun! Atası isə oğlundan da bərk acığı tutub, az qaldı ki, oğluna bir sillə çəksin, lakin özünü saxlayıb bir qədər hüm-hüm elədi, axırda sımsırığını sallamış oğluna baxıb: – Dur burdan itil! – deyib qışqırdı. Oğlu durdu ayağa və “Cəhənnəmə!” deyib, anası hazırladığı müsəlman paltarını geyməyə başladı. Binəva Gülnisə xanım yenə müdaxiləyə məcbur oldu. Əvvəlcə ərini sakit etmək üçün oğlunun uşaq olduğunu ona qandırdı (halbuki oğlunun azından bir on dörd yaşı vardı) və sonra oğluna tərəf gedib, anaya mənsub bir nəvazişlə dedi: – Bala, yekə oğlansan, atanın sözü xatirinə dəyməsin get çörəyini ye, o, bir pis söz demədi, deyir yəni əlin mürəkkəblidir, get yu! İndi ki yumursan nə eləmək, yuma, get çörəyini ye. Atana həram eləmə, mən də yazığam, axı!.. Lakin anasının nəvazişi Xudadad bəyə əsər eləmədi. – Əşi, sən də qoy görüm, – deyib qırmızı ipəkdən gödək arxalığını, ağ dəvə yunundan uzun çuxasını və “diyaqanal”dan dar tikilmiş şalvarını da geyib kəmərini bağladı, saatını taxdı və atasına acıq olmaq üçün qollarını ata-ata və ayaqlarını bərk yerə vura-vura qapıya tərəf yollandı. Anası onu saxlamaq istəyib dedi: – A balam, Xudadad, hara gedirsən, qal çörək ye!.. Lakin Xudadad qulaq asmayıb: – O çörək zəhrimar olsun! – deyib qapıdan düz çıxdı... Gülnisə xanım mat qaldı. Azad bəy isə oğlunun dalınca bir qədər baxıb bir lomba tüpürdü. – Tfu, – dedi, – Allahın qəzəbinə gələsən, a pis övlad! – Buy, sən allah, elə demə, ay Azad! – deyib Gülnisə xanım ərinin üstünə çığırdı: – A kişi, necə dilin var gəlir. Yazıq deyilmi? Sən də yekə kişi qoşulursan balaca uşağa... İndi nə olsun, sən allah, yazıq ac getdi, nə bilim hara getdi... Əşi qoyursanmı ki, bircə uşaq evdə otursun?.. Azad bəy də öz tərəfindən söylənməyə başladı: – Əşi, sən allah bəsdir, elə onun xarabını çıxardan əvvəldən sən oldun! Uşaqdır, uşaqdır deyə-deyə gedəni qudurtdun. Onun harası uşaqdır? Yox, indi ki, uşaqdır, uşaq yerində otursun, böyüyün üstünə it kimi çəmkirməsin!.. Tez ol, çağır nökəri, bu çörəyi yığsın... Özüm də bir az yatmaq istəyirəm. Bir ah çəkib, Gülnisə xanım nökəri çağırdı. Nökər Hüseynəli gəlib süfrəni yığdı və gedəndə ağasına doğru üzünü çöndərib yavaş səs ilə dedi: – Ağa, o baqqal Həsən kişiyə bir qədər pul versəydin yaxşı olardı. Yoxsa and içibdir ki, daxı bundan sonra bir düyü də nisyə verməyəcəyəm... Əttar Məşədi Cəfər də bu gün lap abrımı tökübdür. A gədə, deyir, vallah bir yol sənin ağanı bazarda tutub başından papağını alacağam, yoxsa... – İtil, itil burdan, səfeh oğlu səfeh! – deyib Azad bəy elə çığırdı ki, səsinin gücündən evdə qab-qacaq cingildədi və otağın baş tərəfində bir tikə çörək üstündə diş sındıran pişik qorxusundan tikəni qoyub, güllə kimi çıxıb bayıra qaçdı. Hüseynəli kor və peşman qayıdıb, yavaşca sovuşdu aşpazxanaya. Azad bəy bu zərb-zəngdən sonra yorulub yıxıldı taxtın üstünə və... yatdı. Gülnisə xanım isə daha bir söz danışmayıb, kefsiz və qəmgin bir halda yerə əyləşib ərinin qumarbazlığı, işinin xarablığı və oğlunun rəftarı barəsində qara-qara fikirlərə qərq oldu... Bəli, Azad bəyin oğlu Xudadad bəy andına vəfa etdi, yəni daha oxumadı; lakin direktor və kor urus partlamadı. Ancaq Azad bəyin acığı tutdu və Gülnisə xanım isə bir-iki gün ah çəkib, sonra oğlunun: “Ana, vallah, oxumaq mənə zərərdir” kimi sözlərinə inanıb, “Canı sağ olsun” – deyə sakit oldu. Bu minval ilə üç il gəlib keçdi. Xudadad bəy özünə ayrı bir iş tapdı ki, o işin adına hər yerdə qumarbazlıq deyərlər. Lakin Xudadad bəy özü və yoldaşları bu sözün əvəzinə “məşğuliyyət” sözü işlədirdilər. Doğrudan da bu “məşğuliyyət” Xudadad bəyi elə məşğul edirdi ki, bütün gecə-gündüzünü də “məşğuliyyət” üstündə keçirirdi. Gündüz evdən çıxıb bir də sübhə yavıq zamanda qayıdırdı və hər bir qayıdan vaxt qapının ağzında anasını əli qoynunda, intizar ilə durmuş görürdü... Şəhərdə bir toy olmazdı ki, Xudadad bəy orada hazır olmamış olaydı. Bir dəfə Xudadad bəyin atası Azad bəy bazarda durub öz “hərifi” Məşədi Fərruxu gözləyirdi. Özü də elə yer seçib durmuşdu ki, borclu olduğu dükançılar onu görmürdülər. Bir qədərdən sonra bir nəfər adam ona tərəf yaxınlaşmağa başladı. Bu adam papağı əyri, cır-cır çəkməli, yeriyəndə lovğalıq üçün iki tərəfə əyilən və qollarını canbaza çıxmış pəhləvan kimi atan bir oğlan idi. Azad bəy onu gendən görən təki tanıdı, lakin bir o qədər də şad olmadı. Bu oğlanın adı Səlim, ləqəbi isə “Cırıq” idi. (Hər adama bir ləqəb qoymaq şəhərdə çoxdan bəri dəb düşmüşdü: birisinə “Pəndir” Ələkbər deyirdilər, birisinə “Saqqal” Musa deyirdilər və birini “Dikdən qoru” adlandırırdılar və s.) Cırıq Səlim şəhərin qolçomağı (qoçusu) hesab olunurdu. Çünki bir dəfə bazarda birisilə dalaşıb, qaradovoyun yanında cibindən tapança çıxartmışdı və hərçənd qaradovoy tapançanı onun əlindən almaq istəmişdi, lakin Cırıq Səlim verməmişdi. Deyirlər ki, sonra Səlim qaradovoyun “könlünü almışdı”. Hər halda bunun cibindən qaradovoyun yanında tapança çıxması, yəni bu günə cəsarət və cürətin büruzu onu xalqın yanında başı uca etmişdi və şəhərin qoçuluğuna layiq olmuşdu... Xeyrat və ehsan günü mollalara edilən hörmət, toy günlərində buna edilirdi. Qərəz qoçu Cırıq Səlim Azad bəyə yaxınlaşıb salam verdi. Azad bəy tələsik cavab verib əl tutdu. Başladılar söhbət etməyə. Səlim dedi: – Allah sağ eləsin, sizin Xudadad bəy əməlli-başlı oğlan olubdur. Azad bəy: – Necə? Səlim: – Hamı ilə danışır, gülür, toylarda yaxşı oynayır, çox yaxşı qumar da oynayır... Azad bəy qızardı: – Harada görmüsən? – dedi. Səlim cavab verdi: – Çox yerdə görmüşəm. Bir də dünən Quru Mustafanın toyunda idi. Məclisi çox şad elədi. Neçə dəfə gözəl oynadı. Hamını məəttəl qoydu. Allah onu həmişə səlamət eləsin. Ancaq bir o var ki, qumar üstündə bir az dava-dalaş eləyir, o yaxşı deyil... Azad bəy qıpqırmızı olmuşdu. Səlim sözünə davam edirdi: – Dünən o toyda bir neçə gədə-güdə vardı, onlar ilə dördaşıq üstündə bir az sözləri çəp düşdü, aralıqda bir çox yava söhbət oldu... Ancaq mən o gədələrə acıqlandım, istədim də döyüb onları məclisdən qovam, amma toy sahibi yalvardı ki, işin yoxdur, qoy pislik olmasın, yazıqdırlar... Sonra Xudadad bəyi kənara çəkib tapşırdım ki, bir də elə adamlar ilə qumar oynama, oynayırsan da mənim ilə oyna, Əsgər bəy ilə oyna, yoxsa gədə-güdələrə qoşulsan, camaat pis söz deyər. Söz verdi ki, oynamaram, xülasə mənimlə bir-iki aşıq tolladı. Gördüm ki, bəy yamanca hərifdir. O gecə mənim on beş manatımı uddu. Dedim zərər yoxdu... Azad bəy utandığından bilmirdi ki, nə qayırsın. Əgər o hində yer yarılsa idi, haman dəm yerə girərdi. Oğlu Səlimi udmuşdu və Səlimi udan adamlar da qaydaya görə gərək haman pulu bir qədər də artırıb geri qaytara idilər. Binanən ileyh Azad bəyə lazım idi ki, Səlim bəyə bir iyirmi-otuz manat versin ki, həmi özünü sındırmasın və həm də bununla oğlunun eybini örtsün. Lakin dərd burası idi ki, bu halda Azad bəyin cibində iyirmi manat o yana dursun, iyirmi qəpik də yox idi. Əgər pulu olsaydı, burada boş-boş durmazdı, “hərif” tapıb, özü demişkən, çörək pulu qazanardı. Ona görə bir yandan pulsuzluq xəcaləti və bir yandan da oğlunun nalayiq hərəkəti binəvanı turp kimi qızardıb, su kimi tər tökməyə məcbur elədi. Bir-iki dəfə öskürüb əlini cibinə saldı və bir şey axtarmağa başladı. Cırıq Səlim sevindi. Yəqin elədi ki, Azad bəy pul çıxardacaqdır və ehtiram üçün istədi desin ki, “Əşi, lazım deyil, filan”, amma yaxşı ki, demədi. – Çünki bəyin cibindən pul əvəzinə papiros ilə dəsmal çıxdı. Bu isə Cırıq Səlimin kefini pozdu və bikefliyini bildirməmək üçün üzünü o tərəfə çevirib Azad bəy tərəfindən təklif olunan papirosdan çəkmədi ki, “Sağ ol, mən qəlyan çəkirəm” və tez xudahafiz edib getdi. Cırıq Səlim getdikdən sonra Azad bəy acığından dodağını dişləyib, oğlunu qaibanə hədələdi: “A namərd! Sən məni biabır elədin, adamlar yanında üzümü qızartdın, gör sənin başına nə oyun çıxardacağam. Allaha and olsun, əlimə bir odun alıb səni o qədər döyəcəyəm ki, şişib tuluq kimi olasan! Görək, əlbət evə gələrsən, binamus!”. Bu hədədən sonra Azad bəy bir papiros da çəkib oğlu barəsində fikir etməyə başladı. Oğlunun uşaqlığı onun yadına düşdü. Necə o zaman Xudadad bəyi atası sevirdi, heç qucağından yerə qoymazdı. Dörd yaşında Xudadad bəyi alardı dizinin üstünə və dilini əzə-əzə deyərdi: “A küçük, ay it!”. Xudadad bəy də şirin uşaq dili ilə: “Əşi, küçük sənsən, it sənsən!” – deyib cınqılı əli ilə atasının üzünə şapalaq (sillə) vurardı. Atası deyərdi: “Yavaş, eşşək!”. Oğlu cavab verərdi: “Əşi, eşşək sənsən!”. “Vallah gözünü tökərəm!” – deyib, az qalardı balaca barmağı ilə atasının gözünü çıxartsın. Atası deyərdi: “Ada, adam da atasına söyərmi, a heyvan?”. Oğlu cavab verərdi: “Bəs sən mənə niyə söyürsən, a heyvan?”. Bu mükalimədən sonra Azad bəy oğlunu qucaqlayıb marçamarç ilə öpərdi. Uşaq da: “Əşi burax!” – deyib dartınardı ki, xilas olsun. Axırda Gülnisə xanım gəlib uşağı ərinin əlindən alardı. Atası isə nökəri bazara aparıb oğlu üçün cürbəcür şeylər alardı. O vaxt Azad bəyin cib sarıdan kefi kök idi. Yüz manata pul deməzdi. Bazardan aldığı şeyləri evə gətirib tökərdi oğlunun qabağına və söyüşə-söyüşə yeyərdilər. Azad bəy oğlunu evdən çölə buraxmazdı. Qorxardı ki, oğluna göz dəysin. Evdə oturub həmişə öz yanında saxlardı. “Həriflər” ilə qumarzad oynayanda oğlunu da yanına çağırıb deyərdi: – Otur burda, sənə pul udub verəcəyəm! Doğrudan da udduğu pulun yarısını oğluna verərdi ki, bunu da sonra Gülnisə xanım tutub oğlunun əlindən alardı. Xudadad bəy yeddi yaşına yetişdikdə atası onu “çastni” şkolaya qoydu və uçitelə tapşırdı ki, vurub eləməsin. Uçitel daxı bəyin sözlərinə əməl edib (çünki aybaşı öz vaxtında yetişirdi), Xudadad bəy dərsini bildi-bilmədi bir ağır söz də deməzdi və çox vaxt təriflərdi ki, görün necə təmiz uşaqdır, heç bir yeri cırıq deyil! Azad bəy iki ildən sonra oğlunu “çastni” şkoldan çıxarıb realnı şkolaya qoymaq istədi, amma direktor onu qəbul etmirdi. O halda Azad bəy tanış müəllimlərindən birinin vasitəsilə direktor ilə aşna olub, özünün dövlətli bir bəy olduğunu ona qandırdı. Direktorun bu aşnalıqdan xoşu gəldi, amma yenə də dövlətli aşnasına məsləhət gördü ki, hələ bir qədər “çastnım obrazom” oxutsun, lakin Azad bəy qandırdı ki, oğlunu “çastnım obrazom” oxutmaq üçün heç olmasa bir yüz manat sərf etmək lazım gəlir. Yaxşı olmazmı ki, yüz manat özgənin cibinə girməyib elə direktorun özündə qala – bunu deyib əlini cibinə saldı. Direktor bir az çəm-xəm elədi, amma axırda yumşalıb yüz manatı əlində oynada-oynada dedi: – Doğrudur, oğlunu qəbul etdim, amma yenə də deyirəm ki, oxuya bilməyəcəkdir. Çünki heç savadı yoxdur. Gərək onun dərsinə evdə diqqət yetirilsin. Azad bəy direktoru arxayın elədi ki, “qorxma, inşallah, bülbül kimi oxuyacaqdır...” Bu işlərin hamısını Azad bəy yadına saldı və oğlunun indiki oturub-duruşunu mülahizə edib çox pis oldu. – Bəs, – dedi, – uşağın axırı xarab oldu... Mən nə qayırım? Oxumadı. Bütün əməyimi zay etdi. İndi də qumarbaz olub, Cırıq Səlim kimi adamlarla qumar oynayır. Allah ona lənət eləsin! Məni bihörmət elədi. Bazar içində adımı yerə soxdu. Nə qayırım? Evdə görəndə deyirəm: balam, oxumadın, oxumadın, barı gəzmə, dalınca pis söz deyirlər... Deyir, ey sənin borcun deyil. İstəyirəm döyəm – anası qoymayır, söyürəm, durub evdən qaçır. Yox, ta bu səfər gərək mən onun havasını alım. Atamın ərvahına, onu bir xubunca döyüb – baxmayacağam anasına – ayaqlarını bağlayıb salacağam otaqların birisinə, qoy orada dustaq olsun. Ondan savay əlac yoxdur! Azad bəy bu niyyətlə yerindən tərpənib evinə getdi. Lakin oğlunu orada tapmadı. Gülnisə xanımdan soruşdu ki, oğlun hanı? Dedi: – Nə bilim, a başına dönüm, oğlum evdə olanda o qədər üzünü danlayırsan ki, yazıq baş götürüb evdən qaçır. Sən allah, bir də ona bir söz demə, vallah gədə lap bezar olub. Özüm də qorxuram, ürəyimə qara-qara fikirlər gəlir, pis yuxu görürəm. Allah özü saxlasın!.. Azad bəy bir söz demədi və bir qədər otağın o başına-bu başına fırlanıb nökər Hüseynəlini çağırdı. Hüseynəli gəldi: – Nə buyurursan, ağa? Azad bəy: – Get Məşədi Fərruxu çağır, de ki, ağam deyir gəlsin bir az söhbət edək. Özün də söz arasında Məşədi Fərruxa çatdır ki, kənddən ağanın yanına adam gəlmişdi ki, dəhyek pulu gətirmişdi... Qandınmı nə deyirəm? Di tez get!.. Bəzzaz Hacı Əsədin oğlu Rustəmin toyu idi. Gəlin gətirilən günün irəliki axşamı oğlan evində çox böyük məclis arəstə olmuşdu. Xalıgəbə ilə gözəlcə bəzənmiş böyük bir otağın içi toya yığılmış adamlar ilə dolu idi. Ən yuxarı başdan “padşah” oturmuşdu. Bu “padşah” qoçu Cırıq Səlim idi. Onun sağ və sol tərəflərində əyanlar düzülmüşdü; “Qarğa” ləqəbilə məşhur qəssab Əsgər, Dimdikburun Hümmət, dəlləkbaşı Körük Mərdan, Leylac Səfdər, Qayqac Məhərrəm və sairə. Bunlar həmi “vəzirlik” edirdilər, həm də “qaradovoyluq”. Aşağı tərəfdə oxuyub-çalanlar əyləşmişdilər. Bir nəfər xanəndə, bir nəfər tar çalan və bir nəfər də yerdönbələyi vuran lotu. Yerdə qalan camaat hüzzardan ibarət idi. Bunlar divarların dibində əyləşib, otağın ortasını məhz oynayanlar üçün xali qoymuşdular. Sazəndələr oxuyub-çalmayan vaxtda əhli məclis söhbətə, çay içməyə və papiros çəkməyə məşğul olurdu. Vəxta ki, sazəndə dəstgahlardan birisini oxuyurdu, hamı səsini kəsib huş-guş ilə qulaq asırdı. Ancaq hüzzardan birisinin kəmali-hüzn ilə ah çəkib “Uf, evin yıxılsın, ay fəraq” – deyə pıçıldamağı sakitliyi pozurdu. Dəstgah qurtarıb təsnif oxunduqda bütün əhli məclis kəmali-qaideyi-musiqi ilə çırtıq vururdular. Bunların içində elə bir mahir çırtıq vuranlar var idi ki, şaqqıltısı küçədə eşidilirdi və küçə ilə gedənləri də tərənnümə gətirərdi. Təsnifdən sonra rəng vurulurdu, yəni oynamaq havası çalınırdı. O halda əhli məclisdən birisi yerindən sıçrayıb artıq bir şərq ilə qol götürüb oynayırdı. Oynayanlar cürbəcürə qayda ilə oynayırdılar. Bəzisi gözlərini divarın bir nöqtəsinə dikib bir an oradan gözünü çəkmirdi. Bəzisi gülümsünürdü və çox vaxt ayaqlarına baxırdı ki, görsün düzmü işləyirlər. Bəzisi oynadığı yerdə əllərini qoynuna qoyub qaşqabağını sallayırdı, xalq demişkən çox “suryoznu” oynayırdı. Birdən olurdu ki, “vəzirlərdən” birisi “padşaha” danos edib xəbər verirdi ki, məsələn, Məşədi Cabbar çox gözəl uzundərə oynamaq bilir, amma nədənsə burada istəmir ki, oynasın. O halda “padşah” əmr edirdi: – Çəkin ortaya Məşədi Cabbarı, sazəndələr də uzundərə çalsınlar! Haman dəm vəzirlər və “qaradovoylar” şiri-əyan kimi yerlərindən qalxıb Məşədi Cabbarın üstünə hücum edirdilər və dartıb otağın ortasına çəkirdilər. Binəva Məşədi Cabbar and içirdi ki: – Oynamaq bilmirəm! Qızarırdı, tərləyirdi, dartınırdı ki, xilas olsun. Amma fayda vermirdi, axırda libası cırılacağını duyub, canını qurtarmaq üçün oynamağa məcbur olurdu. Lakin həqiqət də oynamaq bilmədiyi üçün dəli-divanə kimi bir qədər o başa-bu başa fırlanıb yenə yerində otururdu. Məlum olsun ki, bizim Azad bəyin oğlu Xudadad bəy dəxi bu toyda hazır idi. Bir çox təmtəraq ilə cərgədə əyləşib damaq ilə papiros çəkirdi. Bu halda əhli məclisdən birisi yerindən qalxıb “padşaha” baş endirdi və dedi: – Padşah sağ olsun, ərzim var! Təvəqqe edirəm ki, burada bir keçiməməsi çalınsın və Xudadad bəy də durub oynasın! Əhli məclis ittifaq ilə ərizəçinin sözünə qüvvət verdi. Haman dəm keçiməməsi çalınıb Xudadad bəyi ortaya çəkdilər. Xudadad bəy isə Məşədi Cabbar kimi eləmədi, qol götürüb, sözsüz, hərəkətsiz oynamağa başladı. Xudadad bəy çox gözəl oynayırdı. Hamını valeh edirdi. O idi ki, əhli məclis onun oynamağından şövqə gəlib bir dəstfəşanlıq edirdilər ki, sədası asimanə bülənd olmuşdu. Bununla bərabər əhli məclis, “Afərin, odur ha! Uxxay!” hətta “bravo” sözlərilə, hiss etdikləri ləzzəti izhar edirdilər. Oyun qurtarandan sonra Xudadad bəy hamıya baş əyib yerinə oturdu və “padşah” tərəfindən bir qırmızı alma ətasına layiq oldu. Bir qədərdən sonra əhli məclisdən qumar oynayanlar ayrılıb o biri otağa girdilər. Xudadad bəy dəxi bunların içində idi. Burada qumarbazların bəzisi dördaşıq üstə otururdu. Bəzisi “bank” və “bakara” açdı, bir qədəri “asnas” qurdular və sairələri də nərdtaxta oynamağa başladılar. Bir-iki saatdan sonra hamısı çox hirs ilə iş görməkdə idilər. Aşıqların şappıltısı, nərdtaxtanın şaqqıltısı, pul cınqıltısı, “Aşığı qəlbi tulla!” sözləri, “Yalançıya Allah lənət eləsin!” avazı, “Mən ölüm, dilxor eləmə!” səsi otağı başına götürmüşdü. Xudadad bəy üç nəfər sair yoldaşları ilə dördaşıq oynayırdı. Çox bərk qızışmışdı. Kefi də kök idi, görünür ki, atası kimi “çörək pulu” qazanırdı. Qolunu çırmayıb, ortaya yarım manat salıb deyirdi: – At yarım manat! Yarım manatda məzarı. Amma qəlbi atmasan əlinə lənət! Aşıq tullayan bu sözdən inciyirdi: – Bəy, min dəfə demişəm əlimin üstündə bəd danışma! Axı dilxor eləyib qoymursan ki, görək nə oynayırıq. Ala, qəlbi atdım. Aşıq hey!.. Əh... içinə lənət! Toxandır, əşi qoyursanmı ki, biz burada pul qazanaq! – deyib hərif aşığı buraxırdı... Dördaşıqdan Xudadad bəy iyirmi manat pul udub durdu ayaq üstə və istədi getsin, lakin yoldaşları buna razı olmayıb dedilər ki: – Oyundan qaçmaq olmaz, ya otur bizi lap ud və ya ki, pulunu uduz! Xudadad bəy dedi ki: – Canım, ta mən dördaşıq oynamaq istəmirəm, bank oynayacağam, gedirəm. Amma yoldaşları qoymadılar, xülasə bir çox söz və hərəkətdən sonra Xudadad bəy təkrar oturub, yenə oynadı. Lakin çox çəkmədi ki, həriflərin bir azca qalmış pullarını təmiz udub durdu və sonra gedib bank və bakara oynayanlara qoşuldu. Görünür ki, bu gecə Xudadad bəyin əli yaxşı gətiribmiş; bank oyunundan da bir əlli manat udub qoşuldu asnasa... Qərəz hər bir oyun oynadı və hamısında da uddu. Sonra papağını əyri qoyub uduzanlara yanıq vermək üçün papiros damağında olaraq o tərəf-bu tərəfə gəzməyə başladı. Bu halda Xudadad bəyin heç fikrinə də gəlmirdi ki, evdə anası onun yolunu kəsdirib, əli qoynunda intizardadır... Belə rəvayət edirdilər ki, o gecə Xudadad bəy üç yüz manat qırx doqquz qəpik pul udubmuş. Bir çox adam ona həsəd aparıb, bəziləri də iqrar edirmişlər ki, bu qədər pula bir baqqal dükanı açmaq mümkün imiş... Toy axşamının səhərisi saat altıda şəhərin bir məhəlləsində zurna və nağara ilə bəzzaz Hacı Əsədin evinə gəlin gətirdilər. O biri məhəlləsində isə Azad bəyin evindən “şaxsey, vaxsey” ilə qəbiristana tərəf meyit aparırdılar. O tərəfdən gəlin aparanlar zurnanın havasını oxuyub deyirdilər ki, “Gəl, gəl ay mənim maralım!”, bu tərəfdən isə meyitin qabağında gedən tələbələr səs-səsə verib deyirdilər ki, “Sübhanallah, vəlhəmdəlillah... Allahu əkbər...”. O tərəfdən “Urra, Urra!” və sonra “Allah, Allah!” – deyib Allah-taaladan tofiq və səadət diləyirdilər, bu tərəfdən isə bunlar da “Allah, Allah!” deyib xudayi-yeganədən rəhmət və əfv istirham edirdilər... Bu halda şəhər əhlindən Kərbəlayı Binnətqulu adlı bir baqqal öz tanışı əttar Məşədi Yadigar ilə görüşüb salamlaşandan sonra Kərbəlayı soruşdu: – Məşədi Yadigar, bu ölən kimdir? Məşədi cavab verdi: – Bu ölən, Kərbəlayı Binnət, Allah rəhmət eləsin, Azad bəyin cavan oğlu Xudadad bəydir. – Buy, Allah rəhmət eləsin... – deyib Kərbəlayı Binnət məəttəl qaldı: – A kişi, dünən mən ki, onu bazarda sağ-salamat gördüm ki? Ona nə oldu ki, belə tez öldü? Məşədi cavab verdi ki: – Özü ölməyibdir, yazığı öldürüblər. Çox da yaman dərd ilə öldürüblər. Kərbəlayı: – Vay yazıq! Görəsən kim öldürübdür? Məşədi: – Nə bilim, Allah bilir, ancaq o məlumdur ki, bu gecə bəzzaz Hacı Əsədin toyunda imiş, özü də səkkiz yüz manat pul udubmuş. Yazığı aldadıb çölə aparıblar və orada bıçaq ilə başını kəsib cibini soyublar... Kərbəlayı Binnət bir ah çəkdi: – Ax! A dünya, necə xarab olubsan. Yazıq Xudadad bəy, Allah sənə rəhmət eləsin, yaxşı uşaq idi, görəsən atası, anası nə haydadır? Məşədi Yadigar çiynini tolladı: – Nə hayda olacaqlar, gözlərinin ağı-qarası bir oğlan idi, ya onu öldürdülər, ya ki ata-anasını öldürdülər, nə təfavütü var!.. Bir qədər sükutdan sonra Kərbəlayı soruşdu ki; – Hara gedirsən? Məşədi cavab verdi ki: – Dükana gedirəm! Kərbəlayı dedi: – Mən də dükana gedirəm, – sonra bunu da artırdı ki, – təzə yağ gətirmişəm, lazım olsa uşağı göndər bir az aparsın evinizə. Məşədi Yadigar dedi: – Çox yaxşı, göndərərəm. – Sonra o da Təbrizdən təzə həna ilə yaxşı qara çay gətirdiyini Kərbəlayıya qandırıb xudahafiz etdi, biri sola getdi; biri də sağa... * * * Yevlax–Şuşa yolu Heç nə!.. Dəmir yolu ki, çəkildi, Yevlax-Şuşa yolunun bütün ləzzəti qaçacaqdır! Heç insafdır ki, sən Allah, dilicanın, faytonun, furqonun istirahətini, ləzzətini dəmir yola verəsən? Dəmir yol o yerdə yaraşar ki, məsələn, bu gün Bakıdan gedəsən Yevlağa; Tiflisdən, Gəncədən gələsən Yevlağa və Yevlaxdan da dilicana minib, yel vura-vura sürdürəsən Şuşa şəhərinə. Elə ki Yevlax astanasında vaqondan düşürsən, bir də görürsən ki, faytonçular, dilicançılar səni bürüdülər. – Hara gedirsən? – Şuşaya! – Bəs, onda buyur da, dilican hazırdır. – Qoşubsan? – Çoxdan! – Neçəyə apararsan? – Neçə adamsınız? – İki nəfərik. – Şeyiniz çoxdur? – Yox, adama bir çamadandır. – Elə isə adama səkkiz manat. Burada balaca alış-veriş olur. Səkkiz manat, yenir olur altı. – Hə, di qoy minək, sür gedək. – Bu saat. Siz əyləşin, bir stəkan adama çay için, bu saat dilicanı sürüm bura, amma çayı tez için ki, ləngiməyək. Bəli, əyləşib bir stəkan çay içirik. Yevlağın ditdilisi “dızz” eləyib o qulağından dişləyir, “dızz” eləyib burnundan dişləyir. Qərəz, dilican gəlincə ditdili bildiyini eləyir. Amma dilican gəlmir, yenə çay içirsən, papiros çəkirsən, durub gəzinirsən, divardakı yazıları bir-bir oxuyursan; dilican gəlmir ki, gəlmir. Başlayırsan darıxmağa. Bir də görürsən dilican gəlmədi, amma dilicançı özü gəlir. Başını qapıdan çıxardıb baxır və soruşur. – Burdasınızmı? – Əşi, burada olmamış hara gedəcəyik, bir tez ol dilicanı sür gəlsin, vaxt keçdi, gün günorta oldu. Yoxsa, şəhərə gecə çatarıq! Bu söz dilicançının xətrinə dəyir. – Nə? Gecə! Görünür ki, mənim atlarımdan xəbəriniz yoxdur. Budur sizə deyirəm, axşam azanına bir saat qalmış Şuşa şəhərinin bazarında olacağıq, inşallah! – Di yaxşı, tez ol! – Bu saat atlara “qormut” verim, acdırlar. Gedir, yenə gözlə ki, dilican gələcəkdir. Saat on olur, Tiflis poyezdi gəlir. Bundan da bir yarım saat keçəndən sonra dilicançı gəlir ki, di buyurun gedək. Məlum olur ki, hərif Tiflis poyezdini gözləyirmiş. Baxıb görürsən üzüm giləsinə milçək daraşan kimi, dilicanın altından başqa hər yerindən adam sallaşır. Özünü bir növ ilə dilicanın içinə salırsan. “Bismillahir-rəhmanir-rəhim, – deyib yola düşürsən. Bəh, bəh, bəh... At qumrovlarının səsi sənə laylay çalır. Yolun tozunun ətri səni valeh eləyir. Bir dörd-beş saatdan sonra gəlirsən Bərdə astanasına. Burada bir balaca tovqif lazım gəlir, atlar dəyişilib qoşulunca, bərdəlilər sənə hər tərəfdən tamaşa eləyirlər. Buradan da yola düşürsən. Bir də görürsən ki, qabağına çıxan arabaların təkərləri və atların ayaqları yaşdırlar. Məlum olur ki, Tərtər çayında su var. Tərtər çayı gendən qıjıldayır. Dilican ilə keçmək mümkün deyildir... Gərək kəl arabasına minəsən. Adambaşına bir abbasıya kəl arabasına minirik. Kəllər özlərini vururlar suya. “Allah-Allah” səsi hər yeri götürübdür. Suyun lap güclü yerində arabaçının yoldaşı arabaçıdan soruşur ki, əyə, bunları neçiyə keçirirsən? O da deyir ki, bir abbasıya. – Nə? – Abbası. – Sarsaq oğlu sarsaq, mən abbasıdan ötrü kəllərimin boynunu qıracağam? Mən kəlimi açıram! Yoldaşı deyir ki, ədə səfeh olma, kişiləri suya salarsan, kəlin qabağına dur, altı şahı verərlər. Amma yoldaşı adama yarım manatdan dəm vurur. Qərəz, suyun ortasında taks abbasıdan qalxır iki abbası olur. Tərtəri keçib genə dilicana minirsən və fikir edirsən ki, bəli bu çayı salamat keçdik. İndi qaldı Xaçın ilə Xojalı. Nə başınızı ağrıdım, axşama bir saat qalmış dilican varid olur Ağdama və bir qədər də orada ləngiyəndən sonra yola düşürsən. Əsgəran ötür, Xojalı ötür, Ballıca ötür. Xanbağı ötür. Şəhərin dolayı yolu başlayır. Ağzın dönür gah gün batana, gah gün çıxana. Amma gün çoxdan batıbdır, axşamdır. Yol üzü yoxuşadır. Atlar güclə addım atırlar. Lap qaranlıq çökür. Səni mürgü basır. Ayılıb görürsən ki, yol gedirsən; üstün dağ, altın uçurum. Dilicançıya deyirəm ki, qoçaq, bəs, sən deyirdin ki, axşam azanına bir saat qalmış şəhərdə olacağıq. Dilicançı qulaqardına vurub bu sözlər ilə zümzümə eləyir: Ayın aydınlığı, hava nə xoşdur, Ay dilbər can, Zeybər can. Sübh azanına bir saat qalmış şəhərə varid olursan. * * * Söhbət İyul ayının dördü idi, dərya kənarında, təzə bulvarda gəzirdim. Yoruldum, bir skamyada əyləşdim. Bir nəfər qoca bir cavan bəy ilə oturub şirin söhbət edirdilər. Söhbətləri mənə çox xoş gəldi, tez dəftərimi çıxardıb yazdım. Qoca dedi: – A bəy, neçin papağını bir bu qədər kec qoyubsan ki, az qalır papaq başından düşsün yerə və boynunu da zəhmət çəkib əyri tutursan ki, papağın başından yerə düşməsin? – Çünki mən bəyəm. – Yaxşı, görürsən ki, bu yay günündə xalq hamısı yay çəkməsi geyir ki, ayaqları sərin olsun. Sən neçin uzunboğaz çəkmə geyirsən? At minib səfərə ki, getmirsən, canına yazığın gəlmir bəyəm? – Çünki mən bəyəm. – Yaxşı, sən ki, çinovnik deyilsən, bəs şapqana neçin kakard yapışdırırsan? – Çünki mən bəyəm. – Bəs paltonun yaxasına neçin qırmızı mahut tikmisən. Sən ki, əfsər deyilsən? – Çünki mən bəyəm. – Yaxşı, bunları qoyaq kənara, sən ki, qumar oynayanda həmişə uduzursan, bəs neçin qumar oynamaqdan əl çəkmirsən? – Çünki mən bəyəm. – Çox gözəl, bunların hamısını qəbul edirəm. Hələ de görüm hamı şərab içəndə gizli içir ki, xalq görməsin. Bəs, sən neçin aşkara içirsən? – Çünki mən bəyəm. – Çox əcəb, bunu da başa düşdüm. Bəs, bazarda hər dükançıya bir manat, iki manat, bir abbası, üç abbası borcun var. Neçin onları vermirsən ki, abrını aparmasınlar? – Çünki mən bəyəm. – Hələ bunların hamısı keçər gedər, eşitdik ki, otuz prosent – faiz ilə min manat borc eləyib veksil vermisən; bu nə işdir? – Çünki mən bəyəm. – Bəs, bir belə prosent ilə borc alıb, qızlara neçin on manat, on manat bağışlayırsan? – Çünki mən bəyəm. – Yaxşı, tutaq ki, bunlar hamısı bəylik nişanəsidir, neçin bəs adını müsəlmanca yaza bilmirsən. Sənə bu ayıb deyilmi? – Çünki mən bəyəm. – A bəy! Sən bəy ola-ola, neçin bir şanqalı qaradovoy görəndə, o saat ikiqat olub, ona “izdirasti! deyib əl verirsən. Amma bir kəndli qoca kişi qapına gələndə, əlini belinə vurub, səsinin yoğun yerinə salıb, guruldaya-guruldaya deyirsən: “Kərbəlayı, bəs hanı quzu, hanı yumurta, cücə?”. Və o yazıq sənə ikiqat əyilib salam verəndə, salamını da almırsan. Bu neçin? – Çünki mən bəyəm. – A bəy, neçin ticarət eləmirsən, bir iş görmürsən. Elə belə boşbekar gəzirsən? – Çünki mən bəyəm. – Sənin bu sözünə görə bu sifətlər birində olmasa bəy olmaz. Bəylik ancaq ibarətdir bu sifətlərdən. Çox əcəb, bəs, bir məclisə daxil olanda neçin birbaşa yügürürsən yuxarı başa, a bəy?! Görürsən ki, yuxarı başda yer yoxdur. – Çünki mən bəyəm. – Bu da belə. Hələ doğrusunu de görüm: belinə xəncər neçin bağlayırsan, davaya-zada getmirsən ki, Allaha şükür şəhərimizdə sakitlikdir. Gecə də deyil ki, qorxasan. Günün günorta çağında bu xəncər nə üçün? – Çünki mən bəyəm. – Mətləb hamısı məlum oldu. Hərçənd bəylərin cümləsində bu sifətlər olmaz. Tutaq ki, sən deyən düzdür, amma bir zada qalmışam məəttəl: onun da doğrusunu söylə, sözü qurtaraq. İndi Məmmədəli şahı taxtdan saldılar aşağa, daha bundan sonra ona kömək çıxmaq nə üçün? Bilirəm bundan ötəri kömək çıxırsan ki, bəlkə də şeytan işidir, birdən yenə Məmmədəli şah taxta çıxdı, onda səni özünə pişxidmət eləsin. Çox əcəb. Bəs İran mücahidlərinə föhş, hədyan demək nə lazım, ay bəy oğlu bəy? – Çünki mən bəyəm, çünki mən bəyəm. – Gördüm qoca bu sözləri eşidəndə qəzəbləndi, üzü-gözü qızardı, barıt kimi birdən od aldı, durdu ayağa, qışqıra-qışqıra cavan bəyə dedi: Çünki sən bəysən, çünki sən bəysən... Kafirəm əyər bir pula dəysən. Qaradağda da yoxdur əvəzin, Bəylər içində bircə sən təksən. Gördüm qoca qəzəbindən qafiyəpərdazlıq eləyir, mən durub qaçdım; onlar da başladılar boğuşmağa... * * * Müəllimə Onu göndərdilər ki, azarlamış müəllimin yerini hələlik dolandırsın... Müəllimə özu rus, şagirdlər müsəlman. Əvvəl gün dərs otağına girdikdə, uşaqların çirkli paltarlarından gələn iydən az qaldı ki, burnunu tutub çıxsın. Ətir və ənbərə öyrənmiş olan bu cür iylərə dözmək istəmirdi. Şagirdlər tərəfindən gətirilib mizlərin içində gizlədilmiş olan İran şirniyyatının (zəfəran, mixək, darçın, hil kimi) qoxuları uşaqların üst-başından çıxan çirk və piy iyisinə qatışıb, onsuz da əlliyə qədər adamın nəfəsi ilə pozulmuş havanı daha da bədtər etmişdi. Heç süpürülməmiş və yainki süpürülən kimi zibillənmiş olan döşəmənin üzündə toz-torpaq, yeyinti qırığı... uşaqların əyni-başı cırıq-cırıq, başlarında yekə-yekə papaq və çirkli yaylıq, müəllimənin təmizliyə öyrənmiş olan gözlərini incidirdi. Səs-küy, anlamadığı bir dil, qışqırıq, lüzumsuz gülüş binəvanın musiqiyə öyrənmiş qulağına çox fəna təsir edirdi. – Mən buna dözə bilmərəm, – deyib müəllimə istədi ki, çıxıb getsin. Lakin... qalmağa məcbur idi, yoxsa gələcək ümidləri zay ola bilərdi. Dərsə başladı... Uşaqlar rus dilini bilmir, bu dediyini onlar, onlar dediyini bu anlamırdı. O idi ki, klasda uşaqları nizam ilə saxlamaq mümkün deyildi. Bu hər nə deyirdisə, uşaqlar öz bildiklərini edirdilər. Belə pərişan və qat-qarışıq bir mənzərə içində bir şey müəllimənin diqqətini cəlb etdi. Uşaqlardan küncdə oturan bir nəfəri bu nizamsızlığa heç qarışmayıb, dinməz-söyləməz oturub, kəmali-ədəb ilə dərsə qulaq asırdı. Əyninə baxdıqda bu bir kasıb balası idi, amma üzündə nəcabət asarı var idi. Bundan heç bir nalayiq hərəkət baş vermirdi. Sözsüzdür ki, bütün klasın içində müəllimənin xoşu gələn bir şagird var idisə, həmin bu Əlisəfdər idi; özü də yoldaşlarından rusca çox bilirdi və yaxşı xətt ilə yazırdı. – Allahın altında bunun əyni-başı düzəlmiş olaydı, – deyib müəllimə hətta bu fikirdə oldu ki, Əlisəfdərə paltar tədarükü görsün. Amma o biri uşaqlar müəlliməni çox incidirdilər. Özləri də klasda papaqlı oturdurlar. – Bu saat papaqlarınızı çıxarın! – deyib müəllimə uşaqların üstünə qışqırdı. Onun əmrini anlayanlar papaqlarını çıxartdılar, anlamayanlar da o birilərinə baxıb başlarını açdılar. Lakin burada bir şey müəlliməni heyran qoydu. Onun dostu Əlisəfdər papaqlı oturmuşdu. Müəllimə təəccüb ilə ona baxıb, “Sən də papağını çıxart!” – dedi. Lakin o heç tərpənmədi, ancaq qıpqırmızı qızardı. Şagirdlər səslərini kəsib bütün diqqətlərini bu fəqərəyə cəlb etdilər. Klasda dərin bir sükut əmələ gəldi. Müəllimə dost tutduğu şagirdin bu itaətsizliyindən qəlbi sınmış halda, ona tərəf gedib, öz əli ilə onun papağını çıxartdı. Bu halda uşaqlar bir hay-küy saldılar ki, az qaldı otaq dağılsın. Müəllimə bilaixtiyar geri çəkildi və az qaldı ki, özündən getsin. Lakin ona əsər edən uşaqların vəhşi qışqırığı deyildi. Bəs nə idi? Əlisəfdərin başı keçəl idi. * * * Pişik Uşaqlıqda nənəmiz bizim üçün bir nağıl deyərdi. O nağılın başı bu idi ki: bircəciyi var idi, bircəciyi yox idi, bircə qarı var idi. Bir gün getdi su üstə, sürüşdü düşdü buz üstə. Dedi: – Ay buz, sən nə zalımsan? Buz dedi: – Mən zalım olsaydım, gün məni əritməz idi! Dedi: – Ay gün, sən nə zalımsan? Dedi: – Mən zalım olsaydım, üstümü bulud almazdı! Qərəz bulud da bir başqasına zalım deyir, axırda hamıdan zalım pişik çıxır. Amma hər kəs nağılın axırınacan eşitməsə, təəccüb qalar ki, qarının yıxılmağının pişiyə nə dəxli var? İndi müsəlman qəzetlərinin bağlanmağında hər kəs bir tərəfi müqəssir hesab edir. Biz də başlayaq soruşmağa, görək təqsirkar kimdir? – Ay əmələlər, niyə tətil elədiniz, siz nə zalımsız?! – Biz heç zalım deyilik. Bizim zəhmətimiz çox, məvacibimiz az, xərcimiz çatmır. Qəzetçilər zalımdırlar ki, məvacibimizi artırmırlar. – Ay qəzetçilər, siz nə zalımsınız? Niyə əmələlərin məvacibini artırmırsınız? – Biz zalım deyilik. Zalım millətimizdir, əgər millətimizin yüzdən biri qəzet oxusa, Qafqazda yarım milyon müştərimiz olardı. Onda biz də əmələyə nə qədər məvacib istəsəydilər verə bilərdik. – Ay millət, siz nə zalımsınız, niyə qəzet oxumursunuz? – Biz zalım deyilik, bizim savadımız yoxdur ki, qəzet oxuyaq!!! – Bəs niyə uşaqlıqda məktəbə getmədiz ki, savadsız olduz? – Getmişik, hamımız uşaqlıqda məktəbə getmişik və beş-altı il də “Əlif zirən” demişik. Bununla belə indi yenə heç zad bilmirik. – Bəs niyə özgə millətlərin uşaqlarını hankı biri üç gün məktəblərinə gedirsə, öz dilində hər cür oxumaq, yazmaq bilir? – Onların öz dilinə görə asanca əlifbaları var, məktəbə getməmiş elə evdə də öz özündən hürufları tanıyırlar. Zalım bizim əlifbamızdır! Doğrudan da belədir. Billah belədir! Qəzetlər yerimir camaatın savadsız olmağına görə. Camaat savadsızdır əlifbamızın pisliyinə görə. Məni dünyada bir şey çox yandırır. Məsələn, üləmaya söz demirik, çünki vərəsəyi-ənbiyadırlar; Seyidə söz demək olmaz. – Zaçem? – Çünki əksəri övladi-peyğəmbərdirlər: falçıya söz demək olmaz, cındıra söz demək olmaz, çünki müsəlmanıq, etiqadımızda cin var. Bircə bilmirəm bu ərəb əlifbası nədir ki, tovqilənət olub keçib boğazımıza?! Niyə cəsarət edib onun boynunun ardından vurub, salmırıq eşiyə?.. Ay canım, yenə dualar üçün, ərəb yazıları üçün, şəriət işləri üçün ərəb əlifbası olsun da. Axır belə bizim bu öz türk dilciyəzimizə yarayan bir əlifba düzəltsək, yəni qiyamət qopar? Qafqazda sənə yüz min bisavad müsəlman göstərim ki, nə məktəb görüb və nə uşqol. Amma tamam migədanların və restoranların qapısında viveskaları və içərisində stolların nömrələrini oxuyurlar və bir yerə məktub göndərəndə paketin üstünü də özləri yazırlar. Rusca qəzetlərin hürüflarını da oxuyurlar. İntəha dilini başa düşmürlər. Nə olar, yəni biz də öz dilimiz üçün bir elə asan və hər səslərimizə görə bir hərfi olan əlifba düzəltsək, onda ərəblər gəlib bizi Qafqazdan qovarlarmı? Yainki bir günahikəbir etməmiş olarıq. Görəsən təzə müəllimlərimiz o qədər kordurlar ki, bu böyüklükdə nöqsanı görmürlər? Əyər görürlər, bə nə üçün dinmirlər. Hər kəs mərc gəlir gəlsin, bu gün siz mənə öz türk dilimizə yarayan mükəmməl bir əlifba verin, on ildən sonra mən sizə tək Qafqazdan yarım milyon qəzet müştərisi verim. Hə, əyər hünərin var, gəl mərc eləyək. Onda bilərsiz ki, müsəlman qəzetlərinin bağlanmasına səbəb nə əmələdir, nə qəzetçilər, nə camaat. Qarı nənənin buz üstündə yıxılmağına səbəb pişikdir. Qəzetlərin bağlanmağına səbəb əlifba! Di gəl büz dodaqlarını, gül nə qədər güləcəksən! * * * Ayrı söhbət Məşədi Dadaş. Kəblə Qasım nə belə dərin fikrə cumubsan? Kəblə Qasım. Ay Məşədi, ovqatım nəhayətdə çox təlxdir. Məşədi Dadaş. Niyə bala, sənə nə olub ki, səhərdən sımsırığını sallamısan? Kəblə Qasım. Daha nə olacaq. Bundan sonra evimiz yıxılıb, qapımız bağlı qalacaq; balalarımız da çöllərdə səfil-sərgərdan dolanacaqlar. Ax, ax, Allah baisin evini yıxıb, balalarını mənim balalarım kimi çöllərdə qoysun. Məşədi Dadaş. Kişi, nə çox ahu-zar eləyirsən? Nə olub sənə məgər? Olmaya şəhər dumasının yaman günlərinə və camaatın sahibsizliyinə belə ağlayırsan? Yoxsa şəhərimizdə təzə açılan bankın üzvləri sənə də kredit (etibar) açmaq üçün kəlləqənd təmənnasında olublar? Olmaya haman ağalar oranı da şəhər idarəsinin, kökünə salmaq istəyirlər ki, guya... gərək onlara baş əyilsin? Ay kişi! Niyə dinmirsən? Görünür ki, dərdin lap yekədir? (Kəblə Qasım ağlayır.) A kişi, bir deginən görüm axır sənə nə olub? Olmaya keçən gün “Məktəbi-xeyriyyə”də imtahan üstündə bir-birilə boğuşan müəllimlərin, “müdir”lərin halı səni ağladır? Kəblə Qasım. Ay başına dönüm, Məşədi Dadaş, iş elə budur da! Belə bu gün oğlum məktəbdən gəlib, çəkməsini atdı taxçaya, sonra da başladı özünü yerdən yerə sürtməyə. Mən və uşağın anası uşağı güc ilə ovudandan sonra soruşduq ki, balam nə olub? Dedi ki, ata, bu gün uçitellərimizin ikisi də, məktəbin qeyrətli komisiyonlarına ültimatom veriblər ki, ya gərək onlardan birisi məktəbə müdir olsun, ya da ki, üç günə kimi məktəbi bağladacaqlar. İndi mən də bundan ötəri ağlayıram ki, balalarımız çöldə qalacaqlar. Daha müəllim tapılmayacaq, uşaqlarımız da quli-biyabani olacaqlar. Məşədi Dadaş. Kişi, elə bu? Kəblə Qasım. Bəs bu azdı? Məşədi Dadaş (bir az fikirdən sonra). Doğrudan da. Filankəs ilə mən də fikirləşirəm ki, bu çox böyük bədbəxtlikdir; Allah axırın xeyir eləsin! İkisi. Amin! * * * Məzhəkə Kəndlinin biri buğdasını, baramasını aparıb bazarda dəyər-dəyməzinə satıb bir dana at, bir dana eşşək və əyninə də bir dəst paltar alıb, evinə tərəf gəlirdi... Bir nəfər bəy bunu gendən gördu və təəccüb elədi ki, kəndlinin həmi atı var, həmi də eşşəyi. Daldan kəndliyə yaxınlaşıb başına elə bir qapaz saldı ki, kəndli ancaq bir saatdan sonra ayıla bildi və ayılandan sonra da baxıb gördü ki, eşşəyi yoxdur. Yasavul kəndlinin atına baxıb şikayətinə qulaq asdı, amma şikayət “haqqı az olduğuna görə” kəndliyə bir neçə qamçı çəkdi və dedi: – Bağla atını burada, get ətrafı gəz, bəlkə eşşəyin tapıla. Kəndli atını yasavula tapşırıb, eşşəyi axtarmağa getdi. Çox gəzdi, çox dolandı, hərçənd bəyin qapısında bir eşşək gördü ki, öz eşşəyinə çox oxşayırdı, amma o cürə şeyləri fikrinə gətirməyə cürət eləmədi. Və qayıtdı ki, bəlkə yasavul bir kömək eləyə, amma nə yasavuldan və nə atdan bir nişan da görmədi. Kəndli xofə düşdü, elə bildi ki, bunlar hamısı yuxudur. Onun üçün özünü çimdiklədi ki, ayılsın, amma gördü ki, xeyr yatmayıbdır. Bikef və bidamaq bir çayın qırağında oturub evinə qayıtmağa utanırdı. Gördü ki, bir nəfər sarıqlı gəlir. Kəndli durub ikiqat əyildi və genə bidamaq yerinə oturdu. Sarıqlı dedi: – Nədir ki, belə bidamaqsan? Kəndli ağlaya-ağlaya əhvalatı nəql elədi. Sarıqlı bunun təzə libasına diqqət yetirib dedi: – Mən sənə əlac edərəm! Yazıq kəndli şadlığından bilmədi ki, nə qayırsın, özünü yıxdı sarıqlının ayağına. Sarıqlı dedi: – Sənin atını da, eşşəyini də cin oğurlayıbdır və o cin də sənin bu libasındadır. Ona görə bu libası ovsunlamaq lazımdır. Və illa başına çox bəlalar gələr. Kəndli cin adını eşidən kimi, dəlitək paltarını çıxardıb tulladı. Sarıqlı bir dua oxudu və dedi: – Bir qədər yat! Onsuz da it kimi yorulmuş kəndli başını yerə qoyan kimi yuxu basdı və yuxusunda gördü ki, eşşəyi və atı da tapılıb, kişnəyə-kişnəyə bunun yanına çapırlar. Kəndli sevindiyindən elə çığırdı ki, öz səsinə oyandı və oyanıb gördü ki, nə sarıqlı var, nə paltar. Binəvanı dəhşət basdı. Əlinə çomaq alıb özünü qoruya-qoruya kəndinə yetirdi. Xalq yığılıb dedilər ki: – A kişi, dəli olubsan nədir? Lüt gəzib özünü qoruyursan? Dedi: – Atımı oğurladılar, eşşəyimi oğurladılar və paltarımı oğurladılar. İndi qorxuram ki, özümü də oğurlayalar. * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-satirik-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.