Səhnəciklər Üzeyir Hacıbəyov (1885–1948) Kələkbazlar Mirzə Bədnamülməmalik ilə qaspadin İvanın söhbəti. Bədnamülməmalik. Adə İvan, bu nə işdi ki, bizim başımıza gəldi? Qaspadin İvan. Əşi, Allah yapon Susimaya lənət eləsin ki, məni də, səni də kələyə saldı. Bədnamülməmalik. Bu sən öl, doğrudur! Səni də məni də kələyə saldı! Qaspadin İvan. Yaxşı, bəs sənin fikrin nədir? Bədnamülməmalik. Fikrim?.. Əgər belə olsa, qoyub qaçmaq. İvan. Yox, mən qaçmaram, amma... sən öləsən, bu saat əhvalım çox yamandır, yenə gəlib, kəsdiriblər qapını, yapışıblar boğazımdan, “ürəyimin dalında bir köpük pulum da yoxdur ki”, barı soldat zor ilə özümü xilas eləyim. Bədnamülməmalik. Buy, bəs mən səndən bir az borc pul istəyəcək idim, İvan dadaş! İvan. Əşi, sənin də borc istəməkdə heç əvəzin yoxdur! Gözlə, heç kimdən alma, sonra mən verərəm, qoy, görək bircə başımıza nə çarə qılaq. (Bu hində bunların yanına ingilis Con-bol gəlir.) Con-bol (gülə-gülə). Hi, quyruğunuz qapı arasında qalıb, ay lotular! Bədnamülməmalik. Aman günüdür, Con-bol dadaş, gör bir əlac eləyə bilərsənmi?! İvan. Ey əbləh, elə kələyi sənin başına gətirən Con-bol deyil idimi? Sənin nökərlərin üzünə ağ olanda, onlara fisincan pilovu verən bu deyil idimi? Con-bol (bic-bic gülür və əllərini cibinə salıb, pul cınqıldadır). Sən nə bilirsən ki, Bədnamülməmalikin canını qurtaran da mən olmayacağam? Bədnamülməmalik. Bəli?! Con-bol. Vallah, sən öl, hələ deyəsən İvana da yaxşı köməyim dəyər! İvan. Görək yenə nə kələyin var? Con-bol. Kələk filan yoxdur, doğru sözdür ki, deyirəm. İvan (bir az irəli durub). Axı nə qayıra bilərsən? Bədnamülməmalik (bir az irəli durub). Doğrudan danışırsan, yoxsa zarafat eləyirsən? Con-bol. Yox, zarafat eləmirəm, qulaq asın deyim... Mirzə Ələsgəri tanıyırsınız? İvan. Yaxşı tanıyıram! Bədnamülməmalik. Yəni bizim Mirzə Ələsgəri? Elə mən onu bu saat yerdə-göydə axtarıram. Con-bol. Yox, onu sən axtarma, çünki yanına qoymazlar, qoy elə bizdə qalsın. İş burdadır ki, onun sizin yerdə yaxşı nökərləri var. Belədir, belə deyil? İvan və Bədnam. Belədir, düzdür, doğrudur; amma nə olsun? Con-bol. Bir də sənin yerində mənim və haman bu İvanın bir neçə dəllal və dəlləkləri var. Belədirmi İvan? Bədnam. Belədir, düzdür, doğrudur, amma nə olsun? Con-bol. Ta nə var, nə olacaq, Mirzə Ələsgər onlara deyir ki, nökərlərimə yazaram ki, Bədnamülməmalikin yerində bir qalmaqal salıb, sənin və İvanın orada olan dəllallarını və dəlləklərini xubunca əzsinlər. Onda mən ilə İvan əlbir olub, gələrik sizə və başlarıq sizin camaatı qırmağa ki, nə üçün bizim adamlara sataşırsınız. Onda araya bir vur-çatlasın düşər. Elə ki, vur-çatlasın düşdü, onda sən Bədnamülməmalik bir yanda öz bildiyini elərsən, o İvan da bu yanda öz bildiyini. Mən Con-bol da bir yanda öz bidiyimi elərəm və habelə Bədnam dadaşın canını qurtararıq. O ki qaldı sənə, İvan, sən də boğazını üzən adamlara deyərsən ki, balam, hələ bir az gözlə, indi başım bərk qarışıqdır, qoyun sonra danışarıq. Onlar da baxıb görəcəkdirlər ki, doğrudan da sənin başın qarışıqdır, əl çəkib duracaqlar, ağlınız nə kəsir? Bədnamülməmalik. Mən razıyam! İvan. Mən də razıyam! Con-bol. De, buyurun gedək. (Gedirlər.) * * * Hökumət və Duma Bir pərdəli komediya Hökumət (minnət gözləmək səsilə). Hə, lotu gördün? Yenə səni çağırdım, yığdım Peterburqa, yaxşı elədimmi? Duma. Yaxşı elədin, ancaq təvəqqe edirəm ki, mənə minnət qoymayasan. Hökumət (guya inciyib). Hə! Sözünə bax, mən ölüm. Di gəl bundan sonra xalqa yaxşılıq elə! Duma. Sən bizi ondan ötrü yığdın ki, çünki dalın... Hökumət (öz-özünə). Tazadan işə düşmədim?! (Dumaya) Yaxşı, indi sənin sözün nədir? Duma. Sözüm odur ki, hələ irəli otur hesab çəkək. Hökumət (öz-özünə). Bu nə kələk idi, a başınıza dönüm! (Dumaya) Balam, nə hesab? Duma. Necə nə hesab? Bəs bizi şoraba qoymağa çağırmısan? Hökumət. Yox əşi, bir gəlin məni də döyün, vallah zərrə qədər sizdən qorxmuram. Duma. Əlbəttə, sən bir igid oğlansan, sənin yaxşı voyenni polojeniyaların var, ondan “voyenni polevoy sudların var, qərəz çox zirəksən. Ancaq bunların hələ mətləbə dəxli yoxdur. Sən bir gəl əvvəl hesabımızı çəkək, sonra igidliyindən dəm vurarsan. Hökumət. Ağzına bax, mən ölum, uşaqcıq! Mən yekəlikdə kişi durub sizə hesab verəcəyəm. Duma. Uşaqcığıq, ya hər nəyik – sən yığmısan, amma hər halda biz hesab dərsini çox yaxşı bilirik, arxayın ol, bizi aldada bilməzsən. Hökumət (öz-özünə). Lənət sənə kor şeytan, dayna, bu nə qələt idi ki, mən elədim; təki, əvvəlki dumanı mən heç qovmayaydım. (Dumaya) Balam, axı vallah, billah, siz hələ mən biləni bilmirsiniz. Mənim ayağım biləni sizin başınız bilmir, nahaq yerə mənə də, özünüzə də zəhmət verməyin, hesab nədir, zad nədir, qoy mən bildiyimi eləyim, siz də deyin ki, bəli, dürüst buyurursunuz, siz deyəndir!.. Duma (baş barmağını şəhadət ilə orta barmağının arasından çıxarıb deyir). Ala! Yaxşı zurna çalırsan, amma heyif ki, səsi çıxmır! Təvəqqe eləyirik ki, əngəl eləməyəsən. Qurtar! Bizə hesab ver görək. Hökumət. Adə, vallah dinc oturun, yoxsa, and olsun o Fon-Plevenin goruna, o Trepovun qəbrinə, o Pobedonosstevin baş daşına ki, durub sizi qovaram. Duma. Bilirsən nə var, aşna, biz qovulmaqdan, filandan qorxan adam deyilik və sənə də bunu deyirik ki, bax, əvvəlinci duma səninlə ancaq güləşməyə hazırlaşırdı ki, sən nahaq yerə onu qovdun, sonra da min cürə biclik edib bizi çağırdın. Amma özün görürsən ki, bicliyin baş tutmadı. Çünki biz gələn kimi yapışdıq sənin qollarından, əgər bizi də qovub, üçüncü duma çağırsan inan ki, o da gəlib yapışacaqdır xırp sənin boğazından özün də qalacaqsan udquna-udquna. Ona görə elə yaxşısı budur ki, heç o yan-bu yan eləməyib, oturasan yerə və biz soruşaq, sən də cavab verəsən. Hökumət (bilmir nə qayırsın, gah ah çəkir, gah zaylanır və öz başına döyür). Evin yıxılsın fələk, bu nə kələk idi ki, məni saldın? Bu nə iş idi mənim başıma gətirdin. (Bu əsnada, “əsli rus” adamlarından Pruşkeviç meydana çıxıb, dumaya tərəf qışqırır.) Əşi, siz nə çox hırt-hırt edirsiniz, hökumət doğru deyir də nə karasınız ki, gəlib ondan hesab çəkirsiniz? Hesaba qalsa, mən sizdən min cür hesab istərəm. Hələ bir deyin görüm, qaradavoy Qançlovu kim öldürübdür? Hökumət (sevinir). Hə, bərəkallah, sən öl, bax bu mənim işimi tikdi, ha qoçum Pruşkeviç! Duma (Pruşkeviçə). Sən nə hədyan eləyirsən? Pravakator oğlu pravakator! İtil bu saat buradan – sürün! Pruşkeviç. Məni qovursunuz? Məni. Duma. Rədd ol, sürük burdan xuliqan belindən gəlmiş! İtil! (Pruşkeviçi itələyib, hökumət bikef olur və öz-özünə deyir:) Hökumət. Heç nə, işlər xarab oldu, kələk baş tutmadı, indi mən nə qayırım. Paxırlar açılacaq. Qovum – vay! Qovmayım – vay! Hesab verim – vay! Verməyim – vay! Çay, Dunay, Uxay. May, Cuhud, voyenni polevoy sud... (Burada pərdə düşür.) * * * Dumanın halı Bu yaxınlarda dumadan bəzi qəvanin və tənzimata dair bir islahat gözləmək hələ çətindir; çünki duma qanunsuz bir müəssisə mövqeyini hələ işğal eləməyibdir. Söz yoxdur ki, üzvlər məhəllərdən seçilib Peterburqa tərəf getdikləri zaman, birinci dəfə yığılıb da qanunsaz bir heyət təşkil edəcəklərinə əmin idilər; onlar özlərini həmin seçildikləri gündən qanun və tənzimat yapacaq bir işçi bilib, bu niyyət ilə də seçilmişdilər; lakin, baş vəzir Stolıpin kabinəsinin dumaya qarşı ittixaz etdiyi rəftar və göstərdiyi münasibət bunu aşkar etdi ki, duma özünə nə tövr baxacaqsa baxsın, amma hökumət isə onun qanunsuz bir müəssisə olduğuna hələ bu tezlik ilə inanmaq istəməyir. Orası məlumdur ki, hökumət şurişə gəlmiş olan məmləkəti təskin etmək üçün “dinməyin, sizin üçün məclisi-məbusan açacağam” dedikdə, şübhəsiz, həmin məclisi-məbusanın qanunsaz bir müəssisə olacağını dəxi bildirirdi və onsuz da elə, bu hər kəsə məlum idi. Lakin görünür ki, hökumət bir cür vədə verib də, özgə cürə ifa etmək fikrində imiş, yəni indiyə qədər yalnız bir özünə müxtəss bildiyi qanunsazlığı bu tələsiklə məclisi-məbusana tərk edib, kənara çəkilmək niyyətindən uzaq imiş. Firqə və partiyalar arasında ümumiyyətcə böyük bir həmrəylik ilə məşhur olan birinci duma əvvəlinci günü hökumətə öz mövqe və vəzifəsini göstərib həman vəzifəni ifadə də sabitqədəm olacağını qəti nümayişlərilə elan etdi. Hökumət bunun üstündə onu qovdu və qovub da ümidini ikinci dumanın “sözü yatan” olacağına bağladı və bu ümidin hüsulu üçün birinci intixab nizamlarını təqyir edib, seçki işində verilmiş olan bir para ixtiyarları təbdil etdi; yəni o surətə salmaq istədi ki, intixabatın nəticəsində ikinci dumanın üzvləri əksərən “əsil rus” adamlarından və yaxud ittilaat və məlumatı – siyasiləri az olan “bitərəflər”dən olsun; lakin hökumət aldandı, çünki o cürə adamlar Rusiyada çox az tapıldı. Amma bainhəmə hökumət belə bir sifət göstərir ki, guya öz aldanmasına inanmaq istəməyir. Bu səbəbə görə də duma üzvlərini siyasətcə bir şey başa düşməyib, qanmaz olmaqlıqda zəmm edir və bununla dəxi o tərəfə işarə etmək istəyir ki, belə, qanmaz və qanacaqsız dumadan qanunsuz bir müəssisə ola bilməz; ona görə bu cür dumanın işi ancaq vəzirlər tərəfindən sazlanan qanunları bilamübahisə və müzakirə təsdiq etmək olmalıdır. Lakin duma vəzirlərin bu biəsas sözlərinə cavab verə bilməyəcək qədər cahil olmadığına görə, hökumət ancaq başını bulayıb çiynini atmağa məcbur olur. Məlumdur ya, əgər dumanın üzvləri siyasətcə cahildirlərsə, bütün təqsir hökumətin özündədir, çünki özü qəsdlə sədlər qurub əqilli və müttəle şəxslərin dumaya daxil olmaq yolunu kəsdi. Bundan masəva, hökumətin dumanı əsassız sözlərlə zəmm etməkdə haqlı olmadığına bir dəlil burasıdır ki, duma özü kəndisinin bəzi əhəmm məsələlərdə filhəqiqə bir o qədər əhəmiyyətli olmadığını etiraf edərək, hökumətə təklif edir ki, haman məsələlərin müzakirə və tədqiqi üçün təşkil olunmuş xüsusi komisyonlara kənardan əhəmiyyətli və bilikli adamlar çağrılsın. Lakin hökumət buna qəti surətdə razı olmayıb, bu cürə şeyi “xilafi-qanun” hesab edir. Xeyr kim nə deyir desin; amma bircə orası doğrudur ki, hökumət bu fikrə heç razı olmaq istəməyir ki, məclisi – məbusan qanunsuz bir müəssisə olmalı və icraat işləri isə, məsuliyyət ilə bərabər hökumətə vagüzar edilməlidir. Odur ki, indi duma hələ öz qanunsuzluq mövqeyini işğal etməyibdir: ona görə də bu tezlikdə ehtiyacati-məmləkətə müvafiq bir qanun yazıb tətbiq edilməsini gözləməkdən isə, dumanın qovulmasına müntəzir olmaq daha dürüstdür. * * * Öz məişətimizdən bir dram Əvvəlinci məclis İki uşaq: Hümmətəli. Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq. Həsən bəy. Nədən oynayaq? Hümmətəli. Lopuxdan oynayaq. Hərgah mən udsam, sənə dörd lopux vurum, hərgah sən udsan, mənə üç lopux vur. Həsən bəy. Əh, mən lopuxdan oynamaq istəmirəm... Hümmətəli. Di yaxşı, neynək, lopuxdan oynamırsan, gəl üz əlləmədən oynayaq. Hərgah mən udsam, sənin üzünü əlləyim, yox sən udsan, əvəzində mənim üzümü əllə. Həsən bəyin anası. Ədə ey, o nə yava-yava sözdür ki, mənim uşağıma deyirsən? Heç utanmırsan? Gedib indi bu saat nökərə deyim, gəlsin səni başına alıb elə yerə vursun ki, pırtdanağın çıxsın? (Hümmətəli qaçır, Həsən bəy də anasının yanına gəlir.) İkinci məclis (polisxana) Pristav Həsən bəy. Gətirin görüm o dükançını! (Dükançı Hümmətəlini gətirirlər, pristav Həsən bəy onun üstünə çığırır.) Ədə, sənin adın nədir? Dükançı Hümmətəli. Bəy, məni tanımırsan? Bahalıq ili sizinlə qapı-qapıya olmurduqmu? Həsən bəy (acıqlı). Adını de görüm nədir? Artıq zəvzəmə! Hümmətəli. Vuy, ay Həsən bəy, nə tez bizi yaddan çıxartdın, uşaqlıqda elə il uzunu bir yerdə oynamırdıqmı? Yadındadırmı, bir dəfə də anan Şərəfcahan xanımın mənə acığı tutdu ha! Həsən bəy (yasavullara). Vurun bu zəvzəy oğlu zəvzəyi. (Yasavullar vururlar.) Hümmətəli. Əşi, daha niyə vurursunuz? Qoy adımı deyim dayna! Adə vurmayın, adım Hümmətəlidir, atamın adı... yavaş vur a zalım oğlu – Molla Cəfərdir, dayım mırığ Səfi, vay gözüm töküldü – ala itdən məşhurdur... (Pərdə düşür.) Üçüncü məclis (Beş ildən sonra, bazarda. Həsən bəy qulluqdan qovulmuş, əynində köhnə palto Hümmətəlinin dükanına tərəf gedir.) Həsən bəy. Salaməleyküm, Hümmətəli! Hümmətəli. Əleykümməssəlam, bəy! Ancaq, sən allah, dükanın qabağını kəsmə, müştərilər səni görəndə hürkərlər. Həsən bəy. Əşi, nə yaman kəmiltifat olmusan. Di, elə isə o üç qəpiklik papirosun birini ver, gedirəm Kəsbər gilə. Hümmətəli. Buyur! (Verir.) Həsən bəy. Sağ ol, qayıdan baş üç qəpiyini verərəm. Hümmətəli (əlini uzadır). Bəy, bir o papirosu bura ver!.. Həsən bəy. Neyniyirsən? Hümmətəli. Sən bircə mənə ver. (Alır, qoyur yerinə.) Havaxt pulun olsa gəlib apararsan! Həsən bəy. Əşi, zarafat eləmə, bura ver, axşamdan boğazım göynəyir. Hümmətəli. Yox Həsən bəy, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Bir də məndən sənə əmanət, heç papiros çəkmə! Vallah... adama çox zərərdir, nahaq yerə döşünü tutur, onun əvəzində həmişə adət elə fındıq ye. Həsən bəy (gedə-gedə). Ey bivəfa dünya. (Gedir.) Hümmətəli (çırtıq çalıb oxuyur) Yadındadır lopux-lopux, ay balam, Mənə vurdun lopux-lopux, ay balam. Ay ölləm, ölləm, gedərəm Elxana... (Pərdə düşür.) * * * Moizə Axund. Ay camaat, indi ittifaq və ittihad vaxtıdır. Bundan sonra biz gərək hər bir işimizdə ittihad və ittifaqı əldən buraxmayaq. Amma onu da bilin ki, ittihad və ittifaqın əmələ gəlməsi üçün bir neçə şərtlər vardır ki, o şərtləri gözləməsən, ittifaq və ittihad əmələ gəlməz. Ay camaat, haman şərtlərdən biri budur ki, siz gərək ən əvvəl adam öldürməyi və qətl işlərini mövquf eləyib, bir-birinizlə mehriban olasınız. Camaatdan biri. Axund, bağışla sözüvü kəsirəm, yerdə qalan şərtlərin hamısını qəbul eləyirəm, amma əvvəlki şərtə, sözün doğrusu, mən qol qoya bilməyəcəyəm. Ona görə gedirəm, ancaq daldakı şərtlərdən arxayın olun! (Gedir.) Axund. Ay camaat, ikinci şərt budur ki, siz gərək ittifaq və ittihad naminə hər bir oğurluq və sirqəti bundan belə aradan götürəsiniz. Camaatdan biri. Axund, sözünün qabağında oğlun dursun, əvvəlki şərtini də və yerdə qalan şərtlərini yerinə yetirmək mənə borcdur, amma bu şərt ilə ki, indi, bu saat buyurduğun mənə vec verə bilməyəcəkdir. Ona görə məndən incimə, çünki bir bölük külfətim var, özüm də kasıbam, xudahafiz! (Gedir.) Axund. Ay camaat, ittihad və ittifaq üçün lazımdır ki, bir-birinizə tərəfdar çıxıb, mərd-mərdanə iş görəsiniz və bir-birinizin “yanını” heç vaxt verməyəsiniz və bir-biriniz üçün quyu qazıb tələ qurmayasınız. Camaatdan biri. Axund, qoy, bircə sözüm var, onu deyim. Mən, nə adam öldürənəm, nə də oğruyam, amma, sözün doğrusu açıq-açığına burada deyirəm ki, mən namərdəm, mənim atam da namərd idi. Deyirlər, babam da çox namərd imiş. Ancaq bunu mən dürüst bilmirəm. Amma özüm namərdəm. Hərgah bu sözlərində sən namərdliyi pisləyirsənsə, onda məni “vur nağara, çıx qırağa”. Salamat qal, çünki sənətimdən əl çəkə bilməyəcəyəm. Axund. Ay camaat... Camaatdan biri. Axund, sən allah, əvvəl məni başa sal görüm, o əvvəlki sözlərində danosbazlığa işarə olan bir şey yoxdur ki? Çünki bilirsən, mən bir az danos-zad yazıram. Amma bainhəmə adımı altına yazmıram, deməli, mən öz adımla heç kəsə zərər yetirmirəm. Hələ ki, xudahafiz. Yerdə qalan şərtlərin göz üstə qəbuldur. Axund. Bunların hamısından sonra siz cəhd edin ki, ziyankarlıq və druyəlikdən bəri olasınız... Camaatdan biri. Axund, xudahafiz, mənimki də tutmadı. Axund. Bunu da sizə deyim ki, dünyada mərdüməzarlıqdan pis şey yoxdur. Camaatdan biri. Rəhmətliyin oğlu, başına söz qəhətdir?! (Çıxır.) Camaatdan biri. Axund, bax, hamını qaçırtdın, yerdə mən qaldım. Gör bir təhər eləyə bilərsənmi ki, aramızda razılıq olsun, çünki bu bir belə dediyin şərtlərdən hamısını qəbul eləmişəm. Axund. Balam, daha sözüm qurtardı, bir onu deyəcəydim ki, hiylə və təzviri... Yerdə qalan. Axund demə! Demə! Canım sənə qurban; yoxsa mən də qaçaram, iş xarab olar. Qoy, barı eşidib bilən desin ki, bizim içimizdə bircə dürüst adam var ki, o da mənəm. * * * İndi keçək ayrı mətləbə. “Həyat” rəfiqimizdən mənim rəfiqim “Birisi” deyir ki, “Bir-iki uçitel, bəşəxsən, Kroşevan ilə tanış olduqlarına görə, bir priqovor qayırıb veriblər Levitski təsdiq eləyib, sonra da göndəriblər Kroşevana ki, biz vəkil eləməmiş, hər kəs baydaq-zad götürsə, qəbul eləmə. Çünki baydağı ya bizim təzə müsəlman dəstəsi götürəcək, ya biz vəkil etdiyimiz şəxs. Rəvayətə görə, bunların priqovorunu Kroşevan öpüb gözü üstə qoyub, çünki bu priqovordan Kroşevanın burnuna vuruşma, təfriqə və pozğunluq iyi gəlib ki, bu da Kroşevanın proqramı ilə mütabiqdir. Mən dünən bir türk qəzetəsində bir baş məqalə oxudum. O baş məqalənin ümdə məzmunu bax budur: “Ay avam və fanatik müsəlmanlar, bir görün “təzə müsəlmanlar” bizim dinimizə rişxənd eləyirlər və islam dinini azadlıq kimi yaxşı şeyə zidd bilirlər, amma tək bircə mən deyirəm ki, islam dini azadlığa mütabiqdir, bunlar mənə də rişxənd eləyirlər, belə də şey olarmı?”. Mən, mən Filankəs, uçitellərin priqovorunu bilmirəm, amma burasını yəqin bilirəm ki, Kroşevan lap əvvəl haman bu qəzetənin bu baş məqaləsini öpüb gözünün üstünə qoyacaq. Çünki əsil vuruşma, toqquşma, çırpışma, döyüşmə, söyüşmə, güləşmə, pozğunluq, qozğunluq, vurğunluq, təfriqə, müfriqə, cəfriqə iyi bu baş məqalədən gəlir. Bunu gərək “Birisi” rəfiqim də, öz aramızdır, lotu-lotuyana, mərd-mərdana iqrar eləsin. * * * İttifaq və ittihad məsələsi Bakı. Bax budur, mən sizə açıq-açığına deyirəm: hərgah bizim aramızda “ittihad və ittifaq” olmasa, – onda, sözün doğrusu, işlərimizin axırı xarab olacaqdır. Bax, bu bir sözdür ki, mən sizə dedim və öz borcumdan çıxdım, indi özünüz bilin!.. Gəncə. Əvvəla, Allah sənin atana rəhmət etsin. Və saniyən, sənin dediyin sözlər bir belə həqiqətdir ki, hərgah bir kəs durub, onun əksinə danışsa – nə deyim, onda gərək sözsüz, hekətsiz namərdliyi boynuna götürə. Mən də bunu deyirəm. Qarabağ. Bax, bu siz öləsiniz, mənim də fikrim, zikrim, gündüz axşamadək elə bu idi. Ancaq, sözün doğrusu, qorxurdum deyəm, məni qınayasınız. Tiflis. Hərgah əlinizə çıraq alıb, bütün dünyanı gəzəsiniz – bir nəfər adam tapmazsınız ki, desin ittifaq və ittihad pisdir! Şəki. Doğrudur! Dərbənd. Düzdür! İrəvan. Ey milləti-biçarə! Daha, sən nə vaxta kimi öz hali pərişanınə bəsirət nəzəri salıb, nifaq və ziddiyyətdən tökülən atəşi covr və zülmi görməyəcəksən?! Ordubad. Bərəkallah, sən öl! Salyan. Haqq sözə kim nə deyər. Quba. Heç kim. Bu hamısı pərdənin bir üzüdür. İndi baxaq pərdənin o biri üzünə. Bakı. İttifaq, ittihad – bunlar hamısı boş sözdür. Pəh! Mən işimi, gücümü töküm ki, bəli millətin halı pərişandır, xeyr, yalan sözdür. Hərgah mən millətəmsə, mənim keyfim çox kökdür. Yerdə qalanın canı çıxsın! Mənə nə? Gəncə. Doğrudur, ittifaq və ittihad yaxşı söz və yaxşı da işdir. Amma adam gərək bir işi tutanda, dalını da mülahizə eləsin. Hərgah bu ittifaq və ittihadın dalısı müəllimlər ictimai olacaqsa, onda, sözün doğrusu, mən əlimi yuyub çıxıram qırağa, bu cürə ittifaq ittihaddansa, fərağat oturmaq min pay yaxşıdır. Qarabağ. Bir yerdə ki, cəmi rəiyyətlərin “atası” olan bəyin sözünə bir qara qəpik qiymət qoyan olmıya və bir yerdəki baqqal durub bəy hüzurunda “reç” deyə və bir yerdə ki, eşşəksürənin birisi bəy ilə bərabər saat gəzdirə, elə yerdə ittifaq və ittihaddan danışmaqdansa, bir girvənkə simiçkə alıb, çırtlamaq yüz dəfə yaxşıdır. Tiflis. Mən də deyirəm ki, ittifaq və ittihad yaxşı şeydir. Amma, di gəl ki, görək hökumət nə deyir. Vallah, mən mərc gələrəm ki, hərgah biz də durub xalq kimi ittihad və ittifaq qayırsaq, bir də nişan və midal görüncə qulaqlarımızın dibini görərik və halbuki cəmi vur tutduğumuz elə bir nişan üçündür. Şəki. İttifaq, yəni birləşmək deyilmi? Canım, mən birləşmirəm də! Şamaxı. Bu məsələdə “böyük” sözünə baxan heç vaxt peşiman olmaz. İrəvan və Naxçıvan. İttifaq və ittihad, bunlar hamısı lotu-potu sözüdür. Təvəqqe edirəm ki, öz işinizdə olasınız. Ordubad. Bərəkallah, sən öl! Salyan. Haqq sözə kim nə deyər? Quba. Heç kim. * * * Yuxuda (Komediya) Əvvəlinci məclis Şahın sarayında, bir qapının ağzında vaqe olur. Şüca Nizam. Mən deyirəm ki, şahın yanına bir-bir gedək. Müctəhid Mirzə Həsən. Nə üçün? Hamımız bir yerdə girsək nə olar? Şüca Nizam. O da yaxşı olar, ancaq... Mir Haşım. Mən də o fikirdəyəm ki, bir-bir girsək yaxşı olar! Müqtədiriddövlə. Mən də buna razıyam. Rəhim xan. Yoxsa bir-bir girib məndən şaha şeytanlıq eləmək istəyirsiniz? Şüca Nizam. Əşi, ayıb deyilmi belə sözlər danışırsan? Rəhim xan. Yox, şahzadə! Mən sözü açıq danışıram. Demə ki, bu bir çöl tərəkəməsidir, qanmır, amma mən sözü açıq danışaram: şahın özünə də açıq söyləyəcəyəm! Mən, mən... biclik bilmərəm. Şüca Nizam (acıqlı). Xan! Sən padşahı söyürsən! Rəhim xan. Mən padşahı söymürəm! Mənim ürəyim... Şüca Nizam (lap acıqlı). Xeyr, sən padşahı söyürsən. Sən mənə xanəzadə, şahzadəyə bic deyirsən və halonki, mənim atam da, anam da məlumdur. Rəhim xan. Mənim sənin atanla və ananla işim yoxdur... və təvəqqe edirəm ki, hirsini basıb top kimi açılmayasan, mənim xasiyyətim bir qədər tünddür! Şüca Nizam (hədə ilə). Yaxşı... Çox yaxşı... Müctəhid Mirzə Həsən. Əşi, bəsdir, ayıb deyilmi, uşaq deyilsiz ha! Mir Haşım. Bura Təbriz deyil ha! Bura padşah qapısıdır. Rəhim xan. Bilirəm, sizin hamınızın fikri nədir! Amma şahı aldada bilməzsiniz! Müqtədiriddövlə. Xan, ümidvaram ki, sən mənə yaxşı bələdsən! Mirzə Həsən. Allahın kəlamına and olsun, heç qanmıram ki, bu nə söhbətdir. Rəhim xan. Sizin hamınıza yaxşı bələdəm. Mir Haşım (cibindən tənbəki çıxardıb çubuq hazırlayır). Xan, çubuq dartırsan? Rəhim xan (etinasız). Yox, başım ağrıyır. Müqtədiriddövlə. Məndə bir qədər baş ağrısı davası var, istəyirsən? Rəhim xan. Yox, o davalar mənə kar eləməz. Mirzə Həsən. İstəyirsən baş ağrısı duası yazım. Rəhim xan. Yox, ağa zəhmət çəkmə! Mənim bütün əhvalım pərişandır. Şüca Nizam. Xan, mən sənin xatirinə dəydim, təvəqqe edirəm ki, bu adamların içində məni bağışlayasan, özün bilirsən ki, Təbrizin əldən getməyi nə təhər əsər eləyib. Bir qədər dilim acı olub, bağışla xan! (Yanına gedir, əl verir.) Rəhim xan (bu işdən xoşlanıb). Allah bağışlasın, mənim də dediyim odur ki, mən sizin hamınızdan qocayam, özümün də sənətim gündüz axşamadək cəngü-cidal idi. Bir dava olurdu ki, mən basırdım, bir dava olurdu ki, mən basılırdım. İndi Təbriz davasında mən basıldım. Nə zərəri var, sabah Şiraz davası olar mən basaram. Dediyim budur, elə şaha da belə deyəcəyəm, mənim təqsirim yoxdur. Mənim sənətim belədir. Hamısı. Əlbəttə, əlbəttə, bizim heç birimizin təqsiri yoxdur, ancaq iş burdadır ki, o tərəf güclü oldu. Ona görə... iş də belə oldu!.. İkinci məclis Şah otağında Şah. Sonra nə oldu? Şüca Nizam. Fəda olum sənə! Sonra mən Rəhim xana dedim ki, indi ki sən dava eləmək istəmirsən, onda sən Təbrizdən çıx get, ancaq qoşunu ver mənə dava edim. Buna da razı olmadı. O tərəf isə getdikcə hücumunu artırıb bizi dara saldı! Yenə Rəhim xana yalvardım ki, Allaha baxsın, səni arada görsün, bizə kömək eləsin. Qulaq asmadı, axırda bir də eşitdik ki, Rəhim xan öz qoşunu ilə Təbrizdən çıxıb qaçıbdır. Şah. Yaxşı get o biri otağa. Mir Haşım gəlsin. Şüca Nizam çıxır, Mir Haşım girib səcdə edir. Şah. Söylə görək əhvalat nə tövr oldu. Mir Haşım (durur). Bi əbi əntə və ümmi! Ayağınızın torpağına fəda olum şah, bizim evimizi yıxan Şüca Nizam ilə müctəhid Mirzə Həsən oldu. Şah. Həə!.. Yaxşı get, Müctəhid gəlsin! Mir Haşım çıxır, Mirzə Həsən ərəbcə sözlər oxuya-oxuya daxil olub səcdə edir. Şah. Söylə görüm əhvalat nə tövr oldu? Müctəhid Mirzə Həsən. Fəda olum sənə, dünyada hər şeyin bir başı olar və bir də ayağı. Məsələn, sən bizim başımızsan biz də sənin ayağın... Şah. Mətləbi söylə görək iş nə tövr oldu? Mirzə Həsən. Sənə fəda olum, hərgah Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə olmasaydı, Təbriz əldən getməzdi. Şah. Yaxşı get, Müqtədiriddövlə gəlsin! Müqtədiriddövlə. Xaki-payinə qulamın canı qurban! Şüca Nizam, Müctəhid Mirzə Həsən, Mir Haşım – Təbrizi fənaya verdilər. (Gedir.) Şah. Rəhim xan gəlsin. (Rəhim xan gəlir.) Çağırın Şüca Nizamı, Mir Haşımı, Mirzə Həsəni, Müqtədiriddövləni. (Hamısı daxil olurlar.) Şah (Şüca Nizama). Bəs sən deyirsən ki, Təbrizin batmağına Rəhim xan səbəb oldu? Şüca Nizam (Rəhim xana baxıb). Bəli, şah sağ olsun! Rəhim xan (acığından dişini qıcayır). Sən namərdsən! Şah. Xamuş! Müctəhid sən də deyirsən ki, təqsirkar Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə idi? Şüca Nizam, Mir Haşım və Müqtədiriddövlə. Şah sağ olsun, təqsir bu əmmaməli müctəhidin özündə idi. Şah. Mir Haşım, sən də deyirdin ki, təqsirkar Şüca Nizam ilə müctəhiddir. Mir Haşım. Şah sağ olsun, Şüca Nizamı da dedim? Gərək ki, onu... Şah. Müqtədiriddövlə, sən də söylədin ki, Şüca Nizam, Mirzə Həsən, Mir Haşım təqsirkar idilər. Müqtədiriddövlə. Şah sağ olsun, bəli! Mir Haşım. Müqtədiriddövlə, məni də təqsirkar bilirsən? Müqtədiriddövlə. Bəs sən məni nə üçün deyirsən? Mir Haşım. Mən səni deməmişəm. Müctəhid. Yaxşı, cənab Müqtədiriddövlə və Mir Haşım, sizin sözünüzdən bu çıxır ki... Şüca Nizam. Cənab müctəhid, heç utanmadın ki, sən məni böhtan altında... Rəhim xan. Görək, Şüca Nizam, qalsın səninlə... Müqtədiriddövlə. Ayıb olsun sənə, Mirzə Həsən, mən səni bir adam... Şah (bərkdən). Lyaxov! Lyaxov daxil olur. Şah. Bu adamları aparıb top ağzına qoyarsan. Ən əvvəl müctəhidi toplarsan. Mirzə Həsən. Vay, dədəm vay, ah, şah başına dönüm, sənə qurban olum, mənə yazığın gəlsin! Mənə yazığın gəlsin, sənə qurban olum, vay... – Ağa, ağa, ağa Mirzə Həsən. Haa!.. – Nə pis sayıqlayırsan! Mirzə Həsən. Paho!.. Bari pərvərdigara, şükür olsun sənə, yaxşı ki, yuxu imiş! – Nə olub? Mirzə Həsən. Balam yuxumda gördüm ki, Təbrizi Səttarxana verib, Tehrana qaçmışıq, şah da bizi top ağzına qoydurub. – Ağa, elə axırda da o cürə olacaqdır. Bizi ya Səttarxan topa qoyacaqdır, ya ki şah. Bu ikisindən xali dəyilik. Nahaq yerə özümüzü əngələ saldıq!.. * * * Qalmaqal Əvvəlinci məclis Türkiyə (sair dövlətlərə). Bircə siz mənim işimə qatışmayın, qoyun mən öz əlimlə öz başım olum, işlərimi də düzəldim! Yəni Siz Makidoniyanın rahatlığını istəmirsinizmi? Sizin işiniz yoxdur, mən onu rahat edərəm. İngiltərə. Kişi doğru deyir, gəlin gedək, qoyun işini görsün. Fransa. Mən ki, qatışmayacağam. Rusiya. Mm m... mən də! Avstriya. İndi ki, belə oldu – mənə nə düşübdür? Bolqariya. Doğrudan çıxıb gedirsiniz? Bəs, sizin hünəriniz elə buradək imiş, ay bişuurlar! Avstriya. Neyləmək əzizi mən, kişiyə güc ilə demək olmaz ki, yıxıl üstünə minim. O lap ağ olar ki, (qulağına pıçıldayır) amma sən... başqa məsələsən, sənin bu saat əlinə bir fürsətdir düşübdür ki, hərgah şüurun olsa. İngiltərə. Onun qulağına nə pıçıldayırsan? Avstriya. Heç, deyirəm ki, elə otur, elə dur ki, heç kəs səndən inciməsin!.. Türkiyə. Çox razıyam həzərat! Təvəqqe edirəm ki, sabah gəlib çörəyinizi bizdə yeyəsiniz. Bolqariya. Saat neçədə? Türkiyə. Sən ilə dəyiləm! Bolqariya (ağlamsınır). Məni çağırmırsan? Türkiyə. Yox, sənin bunlara dəxlin yoxdur. Bolqariya (ağlayır). Görünür ki, sən məni adam hesab eləmirsən. Rusiya və Avstriya (Türkiyəyə). Gəl onu da çağır, xətrinə dəymə. Türkiyə. Xeyr, ola bilməz, bura xətir yeri deyil, heç görün o sizə taydırmı? Bolqariya (gözlərini silir və yavaşca deyir). Gör sənin başına nə oyun gətirəcəyəm? * * * Dövlətlər gəzirlər İkinci məclis Fransa. Məncə, bu gün durub Türkiyə ilə pislik başlamağın heç bir mənfəəti yoxdur. Bu gün bu kişi heç birimiz ilə düşmən olmaq fikrində dəyil, mən bunu yəqin bilirəm. Avstriya. Yaxşı, məgər mən deyirəm ki, Türkiyə ilə dava başlayaq? Rusiya. Doğrudur, demirsən, amma... Avstriya. Nə amma? İngiltərə. Amma bu gün danışırlar ki, Bosna hersoqu özünə götürmək istəyirsən. Avstriya. Kim? Mən? Əşi, ağlınız olsun, siz allah, Bosna hersoqu mən nə edəcəyəm? Mənim yerimmi azdır, adamımmı yoxdur. Almaniya. Fransanın da yeri çoxdur və adamları da vardır, amma bununla belə Fası da udmaq istəyir. Fransa. Əşi, Allah mənə lənət eləsin, hərgah elə fikrim varsa. İspaniya (Almaniyaya). Sən nahaq yerə Türkiyəyə töhmət eləmə. Almaniya. Bəs nə üçün Molla Hafizi təsdiq eləmirsiniz? Fransa. Kim deyir eləmirəm? Eliyirəm. Ancaq mənim dediyim odur ki, elə olsun ki, sonra bunun içindən bir pislik çıxmasın ki, hamınız peşman olasınız. (Bu əsnada Bolqariya gendən görünüb qaçır və qaça-qaça çığırır.) Bolqariya. Vallah verməyəcəyəm! Ölsəm də verməyəcəyəm. Dövlətlər (təəccüblə). Bu nə işdir? Avstriya. Adə nə olub? Türkiyə (Bolqarın dalınca yüyürür). Sənə deyirəm ki, qoy yerə!.. Qoy yerə, yoxsa daldan tolamaz da gəldi. (Yüyürür.) Dövlətlər (onların dalınca yüyürür). Nə olub? Nə olub? Nə oğurlayıbdır? Türkiyə (dayanır və dövlətlərə deyir). Görürsünüz bu bici? Dövlətlər. Axı nə olub? O nə götürüb qaçır? Türkiyə. Belə dəmir yolu. Dövlətlər (iztirab ilə). Hansı dəmir yolu? Türkiyə. Şərq dəmir yolunu! Dövlətlər. Əşi, nə deyirsən? Ada yüyürün qoymayaq, orada bizim də payımız var, bu axmaq nə qayırdığıdır. (Yüyürürlər.) Bolqariya dalına baxıb lap bərk qaçır, dövlətlər yüyürüb onu tuturlar. Avstriya. Yavaş, hələ vurmayın. İngiltərə. Bura ver oğurladığını bu saat. Rusiya (Türkiyəyə). Sən bir az səbrini bas, biz görək bunun sözü nədir! Türkiyə. Özünüz bilin, orada Sizin payınız da var. Bolqariya (zınqıldayır). Əşi, vermirəm, vermirəm!.. Rusiya. Qoçaq, sən nə üçün belə nahaq iş görürsən? İngiltərə. Dinməz-söyləməz xalqın malını ver özünə. Bolqariya. Əşi, vermirəm, vermirəm! Fransa. Axı necə yəni vermirsən? Avstriya. Bala, axı bu yol Türkiyənin deyil. Burada bizim də payımız vardır. Bolqariya. Əşi, vermirəm, vermirəm. Türkiyə (qolunu çırmalayıb). Yaxşı vermə! Avstriya. Bəlkə onun əvəzində bir şey istəyirsən? İngiltərə (o birilərinə). Sən bunun bicliyinə bax. Fransa. Adə bir qarın çörəkdən ötrü xalqı xataya salma, ver özünə! Bolqariya. Əşi, vermirəm, vermirəm! – deyib ağlayır. Dövlətlər bir-birinin üzünə baxıb dururlar. Üçüncü məclis sonra vaqe olacaqdı * * * İran işləri Şah (öz-özünə). Nə tövr eləyim? Doğrudan məclisi bir də açımmı, açmayımmı? Məşrutəni verimmi, verməyimmi? Vallah qəribə işə düşmüşəm, heç baş açmaq olmur. Əmir Bahadır (daxil olur). Sənə qurban olum! Buyur bu kağıza qol çək, bu qələm, bu da mürəkkəb. Şah. O nədir? Nə yazılıbdır? Əmir Bahadır. Bu dəsti-xəttdir və içində də yazdırmışam ki, məşrutə şəriyyətə xilafdır və məclis də olmayacaqdır. Şah. Bəs biz vədə vermişik ki, axı bu günlərdə məclisi açaq, neinki bilmərrə bağlayaq. Əmir Bahadır. Sənə qurban olum, fərman sənindir, ancaq məclisi əgər bir də açsaq, nə qədər ki, İranda molla var, yəni İranın yarısı bir iğtişaş salarlar ki, Təbriz iğtişaşı onun yanında zərafət hesab olunar. Əgər mən qocanın bu sözlərinə inanmırsınızsa (ağzını qapıya tərəf tutub çağırır), Şeyx Fəzlullah, ay Şeyx Fəzlullah! Şeyx (daxil olur). Salaməleyküm! Əmir (ona). Mollaların sözlərin şaha ərz elə. Şeyx. Sənə fəda olum! İran əhalisinin yarısından ibarət olan bütün mollalar mənim vasitəmlə hüzuri-alinizdən istirham edirlər ki, məşrutə verməyəsiniz və məclisi açmayasınız. Şah (qol çəkir). Siz deyən olsun! Əmir və Şeyx. Allah mübarək eləsin, inşallah! (Gedirlər.) Şah (öz-özünə). Qurtardım. (Bu əsnada ingilis və rus səfirləri daxil olur, şah onları qəbul edir.) İngilis səfiri. Nə tövr oldu? Şah. Nə? Rus səfiri. Məşrutə əhvalatı. Şah. Bu gün dəsti-xəttə qol çəkdim. Görəsən hava nə tövrdür? Gərək ki sizin Rusiya indi çox soyuqdur. Amma sizin İngilis, gərək, bir az isti ola. Səfirlər. Bəli, Rusiya soyuqdur, amma İngilis istidir. Deməli, inşallah bu gün-sabah məclis açılar? Şah. Hansı məclis? Səfirlər. Buyurdunuz ki, qol çəkibsiniz... Dəsti-xətt veribsiz... Şah. Bəli, dəsti-xəttə qol çəkdim, amma məclis açılmayacaqdır! Bizim şəriət elə şeyləri haram buyurubdur. Məşrutə – donuz əti, məclis, çaxır, bunlar hamısı bizdə haramdır. Səfirlər. Mərənd alındığını zati-aliniz bilirmi? Şah. Xeyr, məgər Mərənd alınıbdır? Səfirlər. Bəli, Xoy da alınıbdır, Gulfa da, Səlmas da, qərəz bütün Azərbaycan əldən gedir. Şah. Qəribə əhvalat var imiş! Heç mən bilməmişəm! Daha nə var, nə yox? Səfirlər. Əgər məclisi açmasanız, sizin işləriniz çox xarab olacaqdır. Bəlkə bütün İranı təhlükəyə salarsınız. Bizim məsləhətimiz odur ki, məclisi açıb həm İranı sakit edəsiniz, həm də qonşuların iştahasını artırmayasınız. Şah. Bəs axı məclis şəriyətcə həramdır, mollalar qoymaz. Səfirlər. Əvvəla, Məhəmməd peyğəmbər heç bir yerdə deməyibdir ki, məşrutə və məclis haramdır. Və saniyən sizin şəriətinizdə var ki, əgər şərab bir naxoşluğa dərmandırsa, o halda şərab naxoş üçün halaldır. İndi də sizin İran naxoşdur və bunun dərmanı məşrutədir. Ona görə biz əminik ki, şəriət buna yol verər. Şah. Görünür ki, siz bizim şəriəti də əzbərləyibsiniz. Siz avropalılar çox qoçaqsınız. Xub, əmr edərəm ki, o dəsti-xətti camaata bildirməsinlər. (Səfirlər gedirlər.) Əmir Bahadır (daxil olur). Sənə qurban olum, kafirlər nə deyirdilər? Şah. Deyirlər ki, gərək məclisi açasan, mən də baxıram ki, açmasaq onlar bizi lap təngə gətirəcəklər. Əmir (fikir edir və sonra bir qədər bərkdən deyir). Görək kim kimi aldadacaqdır! – deyib əyilir və şahın qulağına sözlər pıçıldayır. Şah (bir az fikirdən sonra). Xub, buyurunuz fərman yazılsın və məşrutənin verilməyəcəyi elan olunsun. Küçədə əhali: – Ta bərk sərə-kar in... əst İran hələ ləng, ləng, ləngəst. * * * “Quyruqlu ulduz” İki pərdəli komediya. Yaxud “Revizor”u yamsılamaq. Əvvəlinci məclisdəki əfrad əhli-məclis 1) Hacı Qəmiş – tacirdir. 2) Cahil oğlu Qatil – işi məlum deyildir. 3) Şərmisar bəy – bəydir. (Pərdə qalxır.) Şərmisar bəy (əlində rus qəzeti). Həzərat, sizi buraya çağırmaqda məqsədim sizə bir pis xəbər verməkdir. Hacı Qəmiş (kənara). Pis xəbər verən, evin yıxılsın! Cahil oğlu Qatil. Nə pis xəbərdir? Şərmisar bəy. Göydə quyruqlu ulduz görünübdür. Budur qəzetdə yazıbdır. Haman bu ulduz, bir neçə aydan sonra yerə düşüb, hər nə günahkar adam var, hamısını quyruğu ilə yandıracaqdır. Hacı və Qatil (bir yerdə). Bəh, bəh!.. Bunu bizə nə üçün deyirsən? Şərmisar bəy. Bəs kimə deyim? Hacı və Qatil. O adama söylə ki, günah sahibidir, biz ki əlhəmdülillah müsəlmanıq. Şərmisar bəy (özü də şad olur). Əlbəttə, mən özüm də müsəlmanam və o ulduzun nə quyruğundan və nə başından qorxuram. Ancaq bunu sizə deməkdən məqsədim yenə də, hər halda xəbərdarlıqdır ki, bəli, o vaxt ulduz yerə düşəndə vahimə etməyəsiniz. Hacı Qəmiş. Ancaq mən bilmirəm ki, o ulduzun göydə durduğu halda yerdə nə işi var? Qatil. Necə? Yoxsa öz müsəlmanlığından arxayın deyilsən? Hacı. Arxayın olmasaydım, mən də sənin kimi həccə getməzdim! Ulduzun yerə düşməsinin o tərəfi xoşagələn deyil ki, yerdə olan günahkarları yandırıb müştərilərimizi azaldacaqdır. Şərmisar bəy. Bax, Hacı sən deyirsən ki, arxayın olmasaydım, həccə getməzdim. Sənin bu sözün, bağışla, ancaq məni bir qədər şəkkə salır. Çünki mən, mən Şərmisar bəy öz müsəlmanlığımdan arxayınam ki, həccə getmirəm! Qatil. Əlbəttə! Mən özüm də o cürəyəm! Mən öz müsəlmanlığımdan arxayın olmasaydım, başlardım həccə getməyə, ehsan verməyə, qurban kəsməyə. Hacı. Şərmisar bəy, məgər sən öz müsəlmanlığından arxayınsan? Şərmisar bəy. Arxayınam! Hacı. Bəs nə tövr arxayınsan ki, əlinə qazut alıb oxuyursan, halbuki haman qazutu çıxardan kafirlərdir və o kafirlərdir ki, quyruqlu ulduz gəlib onları yandıracaqdır. Qatil. Doğru deyir! Şərmisar bəy. Ha, ha, ha, ha,... Bəs Hacı, sən burdan Məskova gedəndə nə üçün vaqona minirsən? Məgər bilmirsən ki, vaqonu çıxardanlar da kafirlərdir? Qatil. Bu da doğru deyir. Hacı. Mənim əlacım olsa, vaqona minmərəm. Amma sən nəinki qazut oxuyursan, hələ hətta çaxır da içirsən! Qatil. Bu da yalan demir! Sən çaxır içirsən! Şərmisar bəy. Doğrudur, mən çaxır içirəm və günah eləyirəm. Amma bəzi vaxt olur ki, ayıq da oluram. Bundan əlavə nə sənin kimi, Hacı dörd arşında arşınyarım kəf gedib, puluma haram qatmıram, hə də sənin kimi cəllad olub xalqın başını kəsmirəm. Hacı. Doğrudan, birdən olur ki, arşında səhv düşür, çünki ölçüdə adam karıxa bilər. Amma sən onu de ki, hər cümə axşamı oruc tuturam və bir tələbə gətirib qarnını doydururam, amma sən qumar da oynayırsan. Qatil. Doğrudur, mən az adam öldürməmişəm. Bunu da hər kəs bilir və polisiyaya da yəqindir, amma sən orasını da de ki, ömrüm olanı bir dəfə də üzümə ülgüc dəyməyibdir. Həddi-büluğa yetəndən bəri bir kərə də olsun ayaq üstə bovl eləməmişəm! Amma sən çaxır içirsən, qumar oynayırsan, üzünü qırxdırırsan və üzdən iraq soldat kimi də ayaq üstə divarın dibini gözləyirsən. Hacı. Hələ təharət almağından da şəkkim vardır. Şərmisar bəy. Mən hər nə eləyirəm öz nəfsimə eliyirəm. Amma siz xalqın evini yıxırsınız. Mənim ömrümdə əlimdən tək bircə dənə xəta çıxıbdır ki, bir gün keflənib butulka ilə Sərkis bəyin başını yarmışam və ayılandan sonra da çox peşiman olub ondan “izvineniya” istəmişəm. Amma siz... Ux, Allah heç kafir bəndəsini də sizə rast eləməsin, yamanca ev yıxansınız. Hacı. Bəs sən özün qumar oynayıb, xalqın pulunu udub evini yıxmırsan? Şərmisar bəy. O məni udmasın, mən də onu udmayım. Qatil. Əcəb! Onda o məni öldürmək üçün gizlənməsin, mən də onu öldürməyim! Hacı. Vallah, o adam ki, mən səhvən arşında ona kəf gedirəm ha... hərgah onu buraxsan, o saat mənim dükanımı yarar. Mən bilirəm bu camaatı. Şərmisar bəy. Qərəz, adam gərək insaflı olsun. Əgər mən günahkaramsa, sən də günahkarsan, o da günahkardır. O biri də günahkardır. Dünyada günahsız adam yoxdur. Hacı. Bəs günahı da savab yuyar! Odur mən bir günah buraxıramsa da iki savab edirəm. Çox vaxt üç rükət axşam namazı əvəzində mən qəsdən dörd rükət qılıram ki, biri də artıq olsun. İndi o artıq rükətin savabı bir köpükdən hesab olunsa, gör onun pulu hara vurar? Qatil. Əşi, vallah öldürdüklərim adamların hamısının qanı mənim üçün dəryaca günah olsa da, bir adam öldürmüşəm ki, onun savabı hamısını yuyub aparar. Məlun oğlu Qara Vəlini deyirəm ey, deyirlər istəyirmiş babı olsun. Şərmisar bəy. Canım, günah eləmək bir günah, günahı da danmaq iki günah. Hamısından yaxşısı budur ki, şək-şübhədə və qorxuda qalınca, duraq burdan gedək axundun yanına, öz əhvalatımızı ona söyləyək və hər nə lazımdır, ona verək, baxsın görsün hərgah günahımız savabımızdan çoxdursa, o halda bundan sonra başlıyaq ulduz yerə düşənə qədər ibadətə məşğul olaq. Elə ki, ulduz gəlib bizdən ötdü, getdi, genə də öz işimizdə davam edərik. Hacı və Qatil. Çox əcəb, artıq danışmaq nə lazım, gedək axundun yanına. (Çıxıb gedirlər.) Pərdə İkinci məclis gələn səfər * * * Ata və oğul Ata (təkcə). Kordur yurdum! Kor, kor! O günə daş düşeydi ki, mən evləndim; o günə ildırım düşeydi ki, mən belə nəslə rast gəldim! Kaş heç əvvəldən məni evləndirməyəydilər. Arvad (daxil olur). A kişi, yenə nə var öz-özünə söylənirsən? Ata. Kəs səsini, kəs; o günü olmayaydı ki, sən mənə düçar olub mənim üçün bala doğmadın, bir bəla doğdun! Arvad. Axı, yenə bir de görüm nə olubdur, balam sənə nə eləyibdir? Ata. Nə olacaq? Laməssəb oğlun məni soymaq istəyir! Arvad. Nə üçün, məgər quldurdur? Ata. Quldurdan da pisdir! Bayaq evdə namaz qıldığım yerdə adam göndərib ki, filan yerdə yığılıb qəraətxana açırıq, tez on manat pul versin. Acığımdan namazı da alayarımçıq qılıb, indiyə qədər acığımı soyuda bilmirəm...Vay, kor olan yurdum. Arvad. Belə təxsir sənin özündədir! Kim sənə dedi ki, oğlunu dərsə qoy? Mən min dəfə sənə dedim ki, kişi uşağımı xarab eləmə, məktəbdə min cür biclik öyrənər, sən qulaq asmadın! Ata. Əşi, Allah sənin qardaşına lənət eləsin ki, mən boyda yekə kişini yoldan çıxartdı, zorla gədəni aparıb məktəbə qoydu, yoxsa mən olam uşaq oxudam ki, axırda da belə laməssəb ola? Hərgah oxutmaq istəsəydim, İrana göndərərdim ki, gedib tələbə olub gəlsin. Mən heç yerli-dibli oxutmaq istəmirdim. Hər nə başıma bəla gəlirsə, səndən və sənin qohumlarından gəlir. Allah sizin nəslinizi üzsün. Arvad. Yaxşı, pul verdin, yoxsa yox? Ata. Lənət şeytana də! Ay heyvan nəslindən əmələ gəlmiş, mən xəzinəçiyəm? Oğul (daxil olur). Yaxşı, pul vermədiyin bəs deyil, bir də göndərdiyim adamı söyürsən, o da gəlib xalqın içində mənə deyir ki, atan məni söydü, qovdu. Mən də xalqdan xəcalət oluram. Arvad. Doğru deyir, pul vermədin-vermədin, daha niyə söyürsən? Ata. Arvad, arvad! Ey məluni-xəsərətdünya! İndicə sən mənə tərəf dəyildin? İndi oğlunu görüb o tərəfə dönürsən, ay bimürvət? Sən o dünyada ruzi-məşhərdə nə cavab verəcəksən? Oğul. Cavab verəcəkdir ki, ərim məni söyürdü! Ata. Oğul, sən hər nə desən de, daha mənim dinimə, məzhəbimə sataşma. Oğul. Mən din və məzhəbə sataşmıram. Ancaq onu deyirəm ki, hərgah sən o dünyada anamdan şikayət etsən, o da səndən edəcəkdir! Ata. Deməli, sənin sözündən bu çıxır ki, heç o dünya yerli-dibli yoxdur? Bilirəm, bilirəm nə deyirsən, eşşək deyiləm, anlayıram. Arvad. Oğul, başına dönüm, sən o cürə şeylərə sataşma, dilim qurusun, gözün tutular. Oğul. Ay ana, məgər mən burda dinə bir pis söz dedim? Deyirəm ki, hərgah o dünyada... Ata. Görürsən, arvad? “Hərgah o dünyada” yəni “əgər o dünya varsa” – demək istəyir! Əstəğfürullah rəbbi və tövbə ileyh. Bari pərvərdigarə, sən mənim günahımdan keç! Mən yazığam, bu cürə nacins ucundan məni cəhənnəm oduna yandırma. Oğul. Ey on manat, sənsən bu kişini belə danışdıran! Ata. Əstəğfürullah rəbbi və tövbə ileyh. Arvad pambıq gətir qulaqlarıma tıxıyım və bu cürə küfür sözləri eşitməyim. Bu laməzhəb deyir ki, məni danışdıran puldur, yəni pul Allahdır. Ay camaat, bu cürə küfrü mən heç yerdə eşitməmişdim, bu müşikdür, pulu Allaha şərik bilir. Ravi rəvayət eləyir ki, bir dəfə bir kəs Musa peyğəmbərin hüzuruna gəlib dedi ki, ey Musa!.. Yox, mən bu kafirnən bir evdə ola bilmərəm, çıx, çıx mənim evimdən! Oğul. Ay ata, mən nə vaxt o cürə küfür söz dedim. Nə üçün yalan deyirsən? Ata. Vay, ilahi! Bu atasına deyir ki, yalan deyirsən! Bu görünür ki, bütün kafirlərin bidinidir. Hərgah mən yalan deyirəmsə, bil ki, molla da yalan deyir; molla yalan deyirsə, bil ki, müctəhid yalan deyir; müctəhid yalan deyirsə, bil ki, imam yalan deyir. İmam yalan desə, bil ki, peyğəmbər yalan deyir. Peyğəmbər yalan desə, bil ki, Allah yalan deyir. Çəkil, çəkil mənim bu müqəddəs evimdən, ey kafir! Bu saat, bu saat evimizdə olan bütün qablar, boşqablar, istəkanlar, samovar, qazan, kəfgir, aşsüzən – hamısı sənə lənətxandır. Onlar hamısı qiyamət günü hüzura çıxıb sənin cəzanı istəyəcəklər. Çəkil, kafir, çəkil! Murdarlama, bu pak olan yeri, çəkil, çəkil (yıxılır səcdəyə). Oğul. Bu kişi dəli olubdur. Arvad. Qoy, gedim bir dua yazdırım. * * * Gələcək Avropa konfransı Müqəddimə Bir gecə Molla Nəsrəddin yatmışdı, evinin qabağında böyük bir dava düşdü. Arvadı Mollanı oyatdı ki, gör o nə davadır. Molla durub yorğana büründü və qapının ağzına çıxdı. Dava edənlər Mollanı görüb, yorğanı onun əlindən qapdılar və qaçdılar. Haman dəm, dava sakit oldu. Molla otağa qayıtdıqda arvadı soruşdu ki, dava nə üstə idi? – Heç, bizim yorğan üstə idi, – deyib Molla çılpaq uzandı. Əhvalat İngilis (Avstriyaya). Balam, sən öz yanından Bolqariyaya məzəmmət edirdin ki, dəmir yolu oğurlayıbdır, indi görünür ki, oğrunun böyüyü özün imişsən. Avstriya. Təvəqqe edirəm ki, mənə oğru deməyəsiniz. Mən öz malıma yiyəlik eləmişəm. Serbiya (ağlayır). Yalançıya Allah lənət eləsin! Bosna hersoqu sənin malın idi? Avstriya. Çox zıqqıldama, Bosna hersoqu mənim də olmasa, sənin də deyildi. Özün də ata sərçə kimi çox atılıb düşmə. Yoxsa axırda xarabçılıq edərsən. Qaradağ. Sən də çox o yan-bu yan eləmə, görünür ki, bizi balaca tanıyıbsan. Avstriya (rişxənd ilə). Buna bax! Heç qıçım boyda deyil ha! Bu da mənim üstümə xoruzlanır. Səni bir Qaradağ qayıraram ki, böyründən də bir Ağdağ çıxar. Rusiya. Yaxşı-yaxşı bilirik ki, sən Serbiyadan da Qaradağdan da güclüsən. Ancaq iş bundadır ki, sən nahaq iş görübsən. Fransa. Sən Yevropanın tərəzisinə əl vurubsan, indi tərəzinin bir gözü ağır gəlir. Avstriya. Hansı tərəzi? İngilis. Belə Berlində qurduğumuz tərəzi. Rusiya. Həzərat, burada oturub boşboğazlıq eləmək lazım deyil, durun gedək, tərəziyə baxaq görək bir gözü nə qədər əyilibdir. Ona görə də əməl edək. Razısınızmı? Hamısı. Razıyıq. İngilis (Avstriyaya). Görürsən tərəzinin sən baxan gözü iki girvənkə ağır çəkir. Bu, Bosna hersoqunun ağırlığıdır. Sən gəl onu qaytar sahibinə, həm tərəzimiz düzəlsin, həm də o kişiyə bihörmətlik olmasın. Yazıq tazə iş başlayıb, xələl yetirmək yaxşı deyil. Özü də gör nə mülayimətlə dolanır. Vallah onun yerinə ayrısı olsa idi, indi səni o baş ilə qoymazdı. Avstriya. Mininiz min söz deyəsiniz, mən Bosna hersoqu qaytaracaq deyiləm. Çünki, əvvəla o yer mənim haqqımdır, ora mən pul qoymuşam. İkinciyə qalan yerdə eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. Fransa. İndi ki, belə oldu onda gərək tərəzinin o biri gözünə də bir əlac olsun ki, bu biri gözü ilə düz olsun. Avstriya. O ayrı məsələdir. Ona mən də razıyam. İngilis. Nə tövr edək? Rusiya (tərəzinin boş gözünü özünə tərəf çəkir). Hərgah Dardanel boğazı bu gözünə qoyulsa, mən tərəf düzələr. Almaniya. Türkiyədə nəki dəmir yol var hamısını qoyun mən tərəfə, düzəlməsə Messopatamiyanı da artırın. İtaliya. Mən evdə hesablamışam, Albaniya da mənə tərəf qoyulsa, mən tərəf də düzələr. İngilis. Yəni yəqin bilirsən. İtaliya. Yəqin. İngilis. Yaxşı onda gərək Misir də bəri qoyulsa, mən tərəf də düzələrmi? Rusiya. Düzələr, düzələr. Fransa. Bəs mən tərəf? Hamısı. Sən də gör də! Fransa. Keçmişdə bizim üçüncü Napaleon deyirdi ki, Şam bizə yarar. Ağlım kəsir ki, elə indi də onu qoysaq, mən tərəf düz olar. Hamısı. Sözümüz yoxdur. Yunan. Daha mənim deməyim lazım deyil, özünüz bilirsiniz ki, Kirid cəzirəsi də mən tərəfi düzəldər. Hamısı. O məlumdur. Fransa. Çox gözəl, o halda, bir tez paylaşaq ki, məsələ həll olsun. Daha vaxtımızı zay etməyək, onsuz da “kulturnı” işimiz çoxdur. Rusiya. Bəs Bolqariya, Serbiya, Qaradağ? Onlara nə verilsin ki, xətirlərinə dəyməsin. Hamısı. Yerdə qalan da onlara verilsin. Özləri bölüşərlər... Xub, deməli məsələ həll olundu. Dağılaq. Türkiyə. Yaxşı, bəs indi mənim təklifim nədir? Hamısı. Sən... zad elə... əvvəla bizdən incimə, çünki bizim fikrimiz əsla sənə pislik eləmək olmayıb, bəlkə tərəzini düzəltməkdir. İkinciyə qalan yerdə... (elə bu yerdə qalır). * * * “Müəllimlərə 75 manat pul boldur” şəhər idarəsi “Müəllimlər öz işlərini qoyub özgə işlərlə məşğul olurlar” Boşboğazlar Dərs Müəllim (klasa daxil olarkən). ...(15 manat dükançı Cəfərə)... Oturun! (11 manat yarım da çörəkçi Vəliyə) ...Duanı oxuyun görüm! (Bu elədi 26 manat yarım)... Çox yaxşı. (18 manat evyiyəsi... Keçən səfər 3 manat da borclu qalmışdım. Bu elədi) Kim dərsini deyər?.. (Bu elədi) Oxu görüm. (21 manat, o da 43 manat yarım)... Həsən düz otur, biclik eləmə! (Qəssaba gərək verəm 12 manat beş şahı.)... Otur yerə, indi sən oxu. Şagird. Bir gün Həsən atasına dedi ki, ata, mənə də çeşmək al, mən də sənin kimi kitab oxuyum. Müəllim (öz-özünə). Budur, bizim Mecid neçə vaxtdan bəri yalvarır ki, ata mənə bir çəkmə al, yazıq lap ayaqyalındır... Amma hanı pul?! Şagird. Atası gedib oğluna bir əlifba kitabçası aldı. Müəllim (görünür ki, kişinin pulu var imiş).Yaxşı, otur. Sən oxu! (Suçuya 3 manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik). Şagird. Dedi ki, ata, mənə bir çeşmək al. Müəllim (şagirdə). Yox, çəkmə al. Şagird. Mirzə, xeyr, çeşmək al. Müəllim. Hə, hə çeşmək al. Oxu... (Bu səfər də mənə 25 manat çatmır, onu nə tövr eyləyim?) Şükür, dinc otur, qulağını çəkərəm! (...manat). Açın kitabları. (Yəni 25 manat çatmayacaqdır... Heç kəs də borc vermir.) Qulaq asın, təzə dərs verirəm. (Nə qayırım ev kirayəsi olmasa idi, yenə bir tövr əl-əl baş-başa çıxmaq olardı.) Düz oturun, yaxşı qulaq asın! Bu saat hesaba məşğul olacağıq! (Cibimizdə olmayan pulu əqlimizdə hesablamaq genə təsəllidir.) Sizə bir hesab məsələsini deyəcəyəm: bir kişi (kişi şəhərimizin atasıdır) ildə... yaxşı qulaq verin! İldə... Həsən, düz otur, qələmi qoy yerə, hələ qulaq as! Hə... ildə... dürüst-dürüst qulaq verin, amma qorxmayın!.. İldə 20 min manat nəqd pul alır!!! Şagirdlərin bəziləri. Vaxsey!!! Bəziləri. Vay dədə vay!!! Bəziləri. Pah atanın evinəcən! Müəllim. Bəs ildə. Şagirdlər. Mirzə, daha demə, qorxuruq! Müəllim. Yox, qorxmayın, heç bir xətası yoxdur. Ancaq onu bilin ki, ildə 20000 min manat nəqd pul alır!! Bütün klas. Vaxsey!!! Bir şagird. Mirzə, bəs onu nə tövr sayır? Müəllim (acı gülümsünür). Hey, yüz o qədərini saya bilər! Yaxşı, bir də bir ayrı kişi var ki... (məsələn, mən yazıq ildə doqquzca yüz manat pul alır... Hələ onu da nə tövr alır...) Bu az pul alan kişinin hər ay 25 manat borcu olur. Şagirdlər. Yazıq! Müəllim. Əlbəttə, yazıq! Şagird. Mirzə, o çox pul alan kişi öz pulundan bir az ona versə nə olar? Müəllim. Ay balam, nə olacaq, çox yaxşı iş olar, amma elə dərd burasıdır ki, məsələyə yaxşı qulaq asın, ayrı söz danışmayın! Şagird. Mirzə, bəs məsələdə nə sual olunur? Müəllim. Hə, indi sual olunur ki, həmin o 20000 manat pul alan, öz aldığı puldan 6-ca min manat kəsib versə, neçə yüz nəfər 900 manat alan kişini borcdan xilas edə bilər? Bir şagird. Mirzə, əvvəlcə de görək, bu az pul alan kişi ki, bir ayda 25 manat borca düşür, ildə nə qədər borc eləyir? Müəllim. Bərəkallah! Bəs onu nə tövr bilək? (Hərçənd mən yaxşı bilirəm.) Şagird. Bir ayda 25 manat borc, bir ildə yəni 12 ayda eylər: on dəfə 25-250; iki dəfə də 25-50. 250. O da 50, eylər 300 manat. Müəllim. Çox yaxşı, sonra? Şagird. İndi görək, 6000-in içində nə qədər 300 var. 6000-ni 300-ə böləndə eylər... eylər 20. Müəllim. Bəs nə məlum oldu? Şagird. Məlum oldu ki, əgər o 20000 manat pul alan, öz pulundan... Müəllim. İnsafa gəlib... Şagird. İnsafa gəlib, öz pulundan... Müəllim. Yox, sən insafa gəlib demə, onu mən deyirəm. Şagird. Elə durduğu yerdə öz pulundan 6000 manat kəsib versə, o halda 20 nəfər 900 manat alan... Müəllim. Və borca düşən... Şagird. Və borca düşən adamları, borcdan xilas eylər. Müəllim. Və o adamlar da borcdan xilas olandan sonra öz işlərini yaxşımı görərlər. Şagirdlər. Bəli! Müəllim. Əlbəttə, yoxsa yazıq borc fikrinə düşsün, yoxsa öz fikrinə düşsün. Bir şagird. Mirzə, axı o çox pul alan adam öz pulundan 6000 kəssə, onda bunun pulu azalar!.. 14-cə min manat qalar. Müəllim (onun üzünə bir qədər baxıb). Sənin atan dumda qlasnı deyil ki? Şagird. Bəli, bəzi vaxt duma gedir. Müəllim. Deyirəm axı... doğrudur. Pul bir qədər azalar, amma iş yaxşı yola gedər. Məsələ həll olundu. Amma... (Hər halda bu ay da 25 manat borc gəlir, vallah bilmirəm nə tövr eyləyim.) İdarədən. Yazıq müəllim. * * * Ordan-burdan Şah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı... Rus konsulu. Komediyalar I Camaat arasında Camaat (çığırır). Ay Avropa, ay insaf əhli, ay insaniyyətdən dəm vuranlar, şah bizi qırır, qoymayın! İngilis səfiri. Əşi, nə danışırsınız. Belə də iş olarmı, onun nə haqqı var insan övladını qırsın? Camaat. A başına dönüm, şah haqqı-maqqı nə tanıyır. Bizi qırır, qoymayın. Axı biz də sizin kimi insanıq. Səfir. Həzərat, mən bu saat onun yanına gedib bir əxtar verim ki, heç dadı da damağından çıxmasın. Camaat. Balam, Allah səndən razı olsun, bizə əlac elə! Səfir. Bu saat, bu saat. (Gedir.) II Şah hüzurunda Şah. Gərək İranın yarısını qan dəryasına döndərəm! Əmir Bahadır. Qurban olum bu kəlamə! Lyaxov. Bəli, qorxutmaq, qorxutmaq lazımdır bu asiyalıları. Səfir (daxil olur). Şah, Allah saxlasın! Əmir Bahadır. Xoş gördük, a kirvə! Şah. Sağ ol ingilis, əyləş qonaq ol! Səfir. Çox sağ ol, şah! Əmir Bahadır. Nə var, nə yox? Səfir. Hər şey var və heç zad yoxdur... he-he-he! Əmir Bahadır. Xa-xa-xa, nə nazik, mətləbdir. Səfir. Şah, camaatın hamısını birdən qırdıracaqsınız, yoxsa yarısını saxlayacaqsınız? Şah. O mənim qəzəbimə bağlıdır. İstəsəm hamısını qırdıraram! Əmir Bahadır. O, şahın öz əmrinə bağlıdır. Bu gün hökm eyləsə hamısını öldürdər, istəsə hamısını bağışlar. Bu cür işlər şahın özünə məxsus işdir. Onu heç kəs bilməz və heç kəs soruşmaz. Səfir. Xeyr, siz elə güman etməyin ki, mən şahın xüsusi işlərinə müdaxilə etmək xəyalındayam. Əstəğfürullah, ancaq dediyim odur ki... yəni hamısını birdən-birə qırdırmaqdansa, yarı-yarı bölmək... Əmir Bahadır. Bəli, başa düşürəm, nə deyirsiniz. Xeyr, o babətdən arxayın olun! Səfir. Bəli, çünki mənim borcum gəlib-getmək... Özünüzə məlumdur. Əmir Bahadır. Xeyr, xeyr, xatircəm olun, başa düşürəm... Səfir. Xudahafiz! Əmir Bahadır. Xoş gəldin, sağ ol. (Nökərə) Ay gədə, səfirin başmaqlarını cütlə! III İngilis parlamanında Bir məbus. Yaxşı, bəs nə oldu? O yazıq iranlıların dad və fəryadına qulaq verən oldumu? Bu barədə hökumətimiz nə qayırdı? Vəzir Kirey. Əlbəttə! Bizim səfir şaha şiddətli bir əxtar göndərib, dövlətimiz naminə tələb etdi ki, emal və hərəkəti mərdimazaridən çəkilsin. Məbuslar. Bərəkallah, sonra? Kirey. Daha sonrası yoxdur, çünki biz İran işlərinə müdaxilə edə bilmərik. Məbuslar. Çox yaxşı, indi vicdanımız əziyyətdən xilas oldu. IV Yenə şah hüzurunda Səfir (tələsik daxil olur). Sözün doğrusu, bunun adına həddən artıq zarafat deyirlər. Şah. Nə olub, nə olub? Əmir Bahadır. Allah saxlasın kirvə? Səfir (acıqlı). Xeyr, saxlamasın! Şah. Baba, in çe zərbo zenk əst. Məgər mən şah...ney... Əmir Bahadır (şaha). Dinmə, dinmə, bu ingilisdi. Zarafat deyil, qoy görək nə olubdur. (Səfirə) Babacan nə olubdur? Səfir. Nə olacaqdır! Sizin yerinizdə bizim mənafeyimizə toxunulubdur. İsfahan tərəfində bir ingilisin iki şahi pulu itibdir və biri də yıxılıb burnu qanayıbdır. Bu saat buna bir tədbir tökün. Əmir Bahadır. Paho! Bu saat əmr yazaram İsfahan qubernatoruna ki, həmin pulu itmiş ingilisə əhalidən yüz o qədər pul alıb versin və o burnu qanayanın da yıxılmağı əvəzinə həmin yıxıldığı yerin sahibini iki il həbsə salsın, bəsdirmi? Səfir. Yaxşıdır. (Mülayim səslə)... Bəs eşitdim ki, məşrutə vermək istəyirsiniz? Əmir Bahadır. Bəli, verəcəyik! Səfir. Nə vaxt? Əmir Bahadır. Nə vaxt şah lazım bilsə. Səfir. İndi vermirsiniz? Əmir Bahadır. Xeyr, indi olmaz! Səfir. Neyçün? Əmir Bahadır. Çünki bizim şəraitdə məşrutə-qəşrutə net rabatay. Və bir də bu bizim daxili işimizdir. Səfir. Əlbəttə, mənim müdaxiləyə heç bir haqqım yoxdur, xudahafiz! Axırıncı komediya Yenə şah hüzurunda Səfir. Təbrizdə bütün adamlar və bütün əcnəbilər qorxurlar ki, aclıq davası düşsün. Atlılarınıza əmr edin ki, bir neçə gün möhlət versinlər ki, şəhərə azuqə getsin. Əmir Bahadır. Xeyr, elə iş mümkün deyildir. Səfir. Onda sözün doğrusu Təbrizə qoşun göndərəcəyik, bizdən inciməyin. Əmir Bahadır. Bəs onda... Şah. Vallah mən bunların işini heç başa düşmürəm! Lyaxov. Zərər yoxdur, 6 gün möhlət verərik. Səfir. Doğrudan? Lyaxov. Doğrudan. (Meyitini görüm.) Səfir. Onda gedim deyim ki, qoşun gəlməsin. Xudahafiz! Əmir Bahadır. Xudahafiz (acıqlı), başıma daş salasan! Elə bizim çalışdığımız odur ki, Təbriz acından qırılıb təslim olsun. Bu da deyir ki, möhlət verin azuqə gəlsin! Ay yazıq! Lyaxov. Bəli, Təbrizə azuqə gəlsin, onlar da yeyib qızsınlar, ondan sonra gəl tazadan dava elə. Əmir Bahadır. Mən burda şəhəri mühasirə elətdirib, aclıq qorxusu ilə şəhər alıram, bu da gəlibdir ki, onlara möhlət ver. Guya ki, oyun oynayırıq, “siçan yolu” ver deyir! Şah. Vallah mən bunların işlərini heç başa düşmürəm!.. Bir neçə gündən sonra Şah (iztirab ilə). Bəs deyirlər ki, Təbrizə rus qoşunu gəlir. Əmir Bahadır. Bəli, gəlir! Şah. Bəs nə tövr olsun? Əmir Bahadır. Nə təfavütü vardır? Təbriz bizim deyildi ki, məncə, rus qoşunu məşrutəçilərdən min pay yaxşıdır. Şah. Axı bəs... onlar gəlib İranı alarlar. Əmir Bahadır. Bəli, alarlar. Şah. Bəs, onda biz... Əmir Bahadır və Lyaxov. Onda (çırtıq vururlar), onda... Biya berəvim əzin vilayət məno to. Şah xodra be “baq” əndaz! Şah xodra be “baq” əndaz! * * * Kitabxana.az · https://kitabxana.az/collections/hacibeyov-sehnecikler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1948). Public domain (author died 1948). Original text only.