Poemalar Məhəmməd Hadi (1879–1920) Beşikdən məzara qədər bəşərin əhvalı Bir xeyli zaman tifl yatar həbsi-şikəmdə, Ordan atılır dəhrə xilas olduğu dəmdə. Bir gün şikəmi-müzlimi tərk eyləyor adəm, Sonra oluyor məskəni bu aləmi-müzləm. Ol gün ki çıxar pərdeyi-məsturi-şikəmdən, Hürr oldu sanır kəndisini dərdü ələmdən. Rəhyabi-nicat oldumu, eyvah, şu bədbəxt – Tifl ilə bərabər doğuyor qeydi-əsarət. Divanə kimi sürkələyir qeydi özilə, Cinnət götürərdi bunu görsəydi gözilə. Bilsəydi cahanə gəliyor silsiləcünban, Razımı olurdu gələ dünyaya bir insan? Bir qanlı şikəmdən düşər ağuşi-fənayə, Bundan nərəyə? Lücceyi-xunini-bəlayə. Aya bunu kim atdı, yuvarlatdı cahanə? Yol tapmadın, ey əql, bu əsrari-nihanə! Qanmış kimi bu aləmi, mənfayi-həyatı, Biçarə çocuq doğdumu, başlar nəvahatı. Guya ki, demək istəyir ol küdəki-nalan Oldum bu doğulmaqlığıma şimdi peşiman. Hürriyyətə mən istər idim dəhrdə, heyfa, – Olmuş bu cahan cümlə yaranmışlara mənfa! Zənn eylər idim aləmi rəxşəndə cahandır... Mədar şikəmindən daha zülmətli məkandır! Fikr eylər idim cənnəti-ülviyyətə düşdüm, Nirani-aləmdir bura, süfliyyətə düşdüm. Başlar nəvəhatə, nəvəhatə, nəvəhatə; Bir növhəsi min nifrət edər sanki həyatə. Sanki çocuğun ruhu duyub qəhri-həyati, İyham ediyor dərdini xunin qətərati. Hər qətreyi-suzəndəsi bir atəşi-qəmdir. İnsan nə demək? Abideyi-dərdü aləmdir. Tökməkdə çocuq çöhrəsinə gireyi-həsrət, Eylər kimi tövlidinə izhari-nədamət. Biçarəni qoymaz anası olmağa giryan, Püstanın ucilə tıqayır ağzını hər an, Püstanın ucilə çocuğun ağzı qapandı, Məcbur olaraq ağlamadı tifl, dayandı. Sərbəstcə qoymaz ki, bir az ağlasın övlad, Bir möhri-əsarət vuruyor ağzına bidad. Möhr ilə neçin ağzını tikdin şu səğirin? Aya eşidilməzmi şikayəti fəqirin? Azadəlisan dəhrə gəlir zadeyi-insan, Həngami-təvəllüddə bunu tifl edir e'lan. Dilli ikən ol tifli nəsıl lal ediyorlar, Əxlaqi-təbiiyyəni ixlal ediyorlar. Mahiyyəti-hürriyyəti pamal ediyorlar! İnsan ki, mücərrəd doğuyor doğduğu dəmdə, Guya yenə üryan yataçaq məhdi-ədəmdə. Vəqta ki, düşər aləmə növzadi-lətafət, Birlikdə doğar tifl ilə zənciri-əsarət. Ol silsiləyi-fitrəti qət' eylədi mama, Tədqiq edilən nöqtə budur, sırf müəmma! Zənciri-təbiisi kəsildi, bələyorlar, Bir iplə dəxi qundağı qat-qat sarıyorlar. Zəncirə çəkirlər çocuğu doğduğu saət, Aya nə günah etdi bu növbareyi-ismət?! Mə'sum ikən bəs niyə zəncirə sarılsın? Ey zalım, o dəsti-sitəmin bircə qırılsın! Canimi, nəmi, söylə, edirsən onu məhbus? Ey dəsti-sitəmkar, əya pənceyi-mənhus! Ərbabi-cinayət görülür layiqi-zindan, Şayistəmi dustaq ola qundaqlara sibyan? Varmı günəhi? Yox! O ki, ismətli mələkdir. Ol zadeyi-azadəyə layiqmi bələkdir? İnsaf elə, yahu, belə bir işmi olur ya, Bir kudəki-mə'sumə səzadırmı bu, mama?! Həp əskiləyorlar, bələyorlar, səriyorlar, Bir xaneyi-pürzəlzələdə ninniləyorlar. Duyduqda bu zəncirləri etmədə fəryad, Guya ki, apar kəndinə ətrafdən imdad. Əfğanına, fəryadına imdad edən olmaz, Bu dilsiz əsiri gəlib azad edən olmaz. Mə'yus olaraq sanki der: “İmdadrəsim yox, Əfkarımı izharə dilim yox, nəfəsim yox”. Baxdıqca zavallı bu qüyudati-həyatə, Bilməz ki, nə yapsın, veriyor güc nəvəhatə. Bir qundağa razi olamaz cahilə mədər, Nənniyə salır tifli, daha, bax, nələr eylər: Bir iplə dəxi nənniyə bağlar şu səğiri, Seyr eylə cinayətsiz olan tifli-əsiri! Dünyayə qədəm qoyduğumu oldu cinayət? Bundan ötürü tiflə verirlərmiş əziyyət! Bir əl ilə təhrik edilir nənnidə hərdən, Başı dönüyor, həp qusuyor südləri birdən. Böylə böyüyor, bəsləniyor zadeyi-millət, Ey mədəri-cahil, bumu qanuni-təbiət? Bu tərz ilə bəslənmiş olan zadeyi-insan Bazari-rəqabətdə olur sahibi-xüsran. Bu qaideyi-tərbiyyətindən səmər olmaz. Bundan sənə bir faidəpərvər pəsər olmaz. Növzad ikən övlad ona, ey lövhi-cəhalət, “Tə'lim” ediyor, öyrədiyorsan da əsarət! Analara vəsiyyət Canpareyi-hürriyyətə hürriyyəti qandır, Hürriyyət ilə tərbiyət et, ruhun oyandır. Hürriyyətə bənzər çocuğa vurma qüyudat, Anlat ona, bilsin ki, nədir ədlü müsavat. Əvvəl nəyi təlqin edəcəksən, onu sibyan – Əlbəttə, edər nəqşi-kütübxaneyi-vicdan. Ətfal nədir? Ayineyi-pakü müsəffa, Eylər, nəyi göstərsən, o mə'kəsdə təcəlla. Aylarla ki, bu “tərbiyət” ilə yaşar ətfal, Böylə böyüyor, bəsləniyor, uf, nə əhval!.. Bir gün atılır guşeyi-nisyanə bələklər, Sərbəstliyi daddımı, ahəstə iməklər. Azadə çocuq anlamaz azadiyi-rəftar, Gah yumbalanır, gah düşüyor, gahi də qalxar. Ol rütbədə tə'sir qılıb tiflə əsarət, Müxtəll olub ondakı hürriyyəti-fitrət. Bir canlı həqiqət demək ol tifli-növazad, Oynar, düşüyor, yumbalanır sevgili övlad. Çeşmində təbəssümlər uçar, ləbləri xəndan, İsmət kimi göyçək bu çocuq calibi-vicdan. Bir mə'niyi-iffətmi girib ləfzi-vücuda, Gəlməzmi mələik bunu gördükdə sücuda?! Hər vəz'i-lətifi nigaharayi-məhəbbət, Bir ruhi-mücəssəm kimi cəzzab təbiət, Hər nə veriyorsan onun ilə güler, oynar, Ətfal qədər sevgili dünyadə nə şey var? Könlüm kimi lö'bətlərə məyyaldır ətfal, Fikrim kimi birdən-birə, yerdən-yerə cəvval. Oynar, atılır, yumbalanır başıbəlali, Gör şəkli-həqiqətdə gəzən canlı xəyali. Laqeyd sanır kəndini, məhkumdur amma, Bir şe'rdir insan, həm açıq, həm də müəmma. Nə lövheyi-riqqət, nə bədianə təmaşa!.. Bir canlı teatro, bunu kim eylədi inşa? Ülviyyəti müş'ir, bütün əş'ardır imkan, Kim oldu bunun şairi? Dərk etməyir insan. Ey şairi-xilqət! Bu nə əş'ari-bədaye, Bir hərfini inşad edəməz əhli-sənayə. Əbkəm qalıyor şe'rinə baxdıqca ədiban, Valeh oluyuor sirrinə əfkari-həkiman. Əş'arın önündə qızarır ruyi-fəsahət, Əsrarın önündə qararır nuri-zəkavət. Bilməm ki, nəsən? Hər nəsən, ey şairi-fitrət, Nə fəlsəfə bildi səni, nə fənn, nə hikmət. Diqqətli baxılsa vələhəfzaydır aləm, Sətrindəki ərvah bütün lövhi-mücəssəm. Dağlar, təpələr, məşcərələr cümlə şüunat, Başdan-başa aləm hikəmiyyat, ədəbiyyat. Bir üqdədir “imkan” denilən səhneyi-fitrət, Açdıqca düyün düşmədədir rişteyi-xilqət. Məqsəd nərədə, biz nərədə, fikr nə yerdə?! Yorma özünü, kəşf olunur sanma bu pərdə. İstər nə qədər nurlu olsun da xəyalət, Naqabili-idrakdır artıq bu həqiqət. Çocuq yavaş-yavaş gəzməyə öyrənir. Üç-dörd yaşında olduğu əsnada oyuncaqlarla məşğul bulunur. Baxalım bu dövreyi-həyatında nə yapır? Bir gün ayağı yer tutaraq gəzməyə başlar, Baziçəsi saxsı sınığı, rəngli daşlar. Yalınca ayaqlarla və bir kirli təsəklə Məşğul oluryor oynamağa daşla, kəsəklə. Baziçəyə mə'tuf bütün fikrü xəyalı, Yox başqa düşünməkləri, yox özgə məalı. Dünya nəzərində bir oyuncaqdan ibarət, Bilmir ki, nədir keşməkeşi-kəsbi-məişət. Mövqufi-səfadır bütün övqati-həyatı, Bu rəhgüzəri-ömrdə bilməz üqəbatı. Həp ləhvü ləəbdir çocuğa qayeyi-amal, Yox fikri-məişət ki, qıla keyfini ixlal. Sərbəst gəziyor, əyləniyor, məşğələsi xak, Qandıqda əsir eyləyəcəkdir onu idrak. Ey tifl, o sərbəstliyi bil də qənimət! Bir seyli-xürüşan kimi gəlməkdə əsarət! Bir gün səni qərq eyləyəcək seyli-qüyudat, Bir də görəcəksənmi bu hürriyyəti? Heyhat! Hürriyyəti-nazəndə bu gün olsa əsirin, Qandınmı, bu səhhar olacaq onda əmirin. Hürriyyət, o şahin deyil a hər kəsə mail, Seyd etdiyi ərbabi-fəzaildir, əfazil. Alçaqları seyd etməyə amadə deyildir, Ülviyyətə məftundur, üftadə deyildir. Hər fikrə tənəzzül edəcək nur deyildir, Napak qucaqlarda yatan hur deyildir. Ən şanlı xəyal ovlamaq istər bu həqiqət, Kəndi kimi dilbər dil arar seydə bu afət. Hər güzgüdə məşhud olamaz hüsnü cəmalı, Mir'at dəxi olmalıdır pakü ziyalı. * * * Qurbani-xilasın olaq, ey dilbəri-lahut! Qaç danə doğub sən bəyənən ərləri nasut? Könlüm kimi dünyadə nə müşkül bəyənənsən? Mən olmalıyam istədiyin, sən də mənimsən. Gəl sevdiciyim, çək məni ağuşi-vüsalə, Ey huri-həqiqət, bədənim döndü xəyalə. Yandırdı məni, yaxdı məni narın, a qəddar! Tə'sir edəməzmi sənə bu ahi-şərərbar? Bilməm kimə mənkuhəsən, ey bakiri-ismət? Ey aliheyi-ərşi-müəllayi-vəcahət! Çıx, çıx, səhərim, mərhəmət et Hadiyi-zarə, Qoyma düşə həsrətlə şəbistani-məzarə! * * * Sərbəst yaşar tifl beş-on sal bu minval, Gündən-günə bir rəngə girir, başqalaşır hal. Bu vəqtdə baziçələrin şəkli dəyişdi, İndi aşığa, şişməyə, top-topa girişdi. Artıq daha beşdaş oyunun vaxtı gedib ya, Bir özgə oyuncaqlar olub şimdi mühəyya. Bunlarla da övqatgüzar oldu, yoruldu, Bir başqa oyuncaq yeni meydana qoyuldu. Gəl, gəl də təməşayə bu tiflanə büsati, Seyr eylə çocuqlardakı əzvaqü nişati. Təşrihi-həyat eyləyərək anla, gözəl qan, Hər dəmdə təbəddüldə, təcəddüddədir insan. Bir hal ilə durmaz bu cahan, tazəlik istər, Sən köhnəpəsənd ol, dur inadında, a bisər! Ey zülmətə aludə olan mazipərəstan! Bir ləhzeyi-ibrətdir o baziçeyi-tiflan. Hər günlərinin, aylarının, illərinin var – Bir başqa oyuncaqları, həp böylədir ə'sar. Dolmuş bu həqaiqlə cahanın səfəhatı, Məhkumi-ədəmdir pozan ayati-həyatı. Bir vəqt hülul eyləyir əyyami-qiraət, Lazım gəliyor tərbiyeyi-fikrü xəyalət. Məktəblərə arayiş olur tifli-səbəqxan, – Ta kim, terişə elm ilə qayati-məramə. Olmaqda müdavim gecə-gündüz bu məqamə, – Ta kim, erişə elm ilə qayati-məramə. Məktəb nə demək? Tiflə görə həbsü əziyyət, Hürriyyətə erməkliyə lazımdır əsarət. Ta şişənişin olmasa güldən çəkilən su, Bir qiyməti haiz olamaz, nəşr edəməz bu. Rə'na çiçəyin gərçi solur rəngi-cəmalı, Seyr eylə su şəklində o qiymətli məalı. Əfkarı bütün mün'ətifi-ruyi-kəmalat, İstər ki, ola haizi-övrəngi-füyuzat. Hər gündə olur məktəbi-ürfanə şitaban. Məktəb nə demək? Məşriqi-tabəndeyi-ürfan. Məktəbdə keçər qaç sənə saati-həyati, Zəhmət çəkiyor kəsb edə asayişi-ati. Günlər oluyor dərsini bilməz mütəəllim, Görməkdə onu layiqi-təkdir müəllim. Təkdirlənir, incidilir, həm döyülür də, Ustaddə gər tərbiyə yoxsa, söyülür də. Şagirdlərin böyləcə təhsil zəmani İmrar ediyor iştə bu məktəb güzərani – Təkdir ilə, tə'zib ilə, min dürlü əməklə, Bə'zən də döyülməklə, söyülməklə, kötəklə. Bə'zi gecə ac yatmaq ilə ev bucağında, Biçarə uyur sübhə qədər qəm qucağında. Açmış qanadın üstünə kabusi-xəyalət, Ruhu, beyini, fikri bütün qərqeyi-fikrət. Şəb ta bəsəhər xabgəhi məhbəsi-əkdar, Ataş saçıyor məğzinə əfkari-şərərbar. Alamü mihən olmadı mehmani-xəyalı, Bax, gör nə cəfalar çəkiyor başıbəlalı! Təhsil yolunda bu cəfa eyni-səfadır, Arayışı-ərbabi-ədəb dərdü bəladır. Xilqətdə bu bir sirdir: ərbabi-zəkavət – Daim oluyor qəhrkeşi-fəqrü səfalət. Gah parəsi olmaz ala lazımlı kitabi, Gör kim, nə məşəqqətlə oxur xanəxərabi. Xamə pulu, xanə pulu, camə pulu məfqud, Guya ki, məişət qapısı ruyuna məsdud. Ən əngəli bu: ücrəti-tə'lim verilsin, Verməzsə əgər, məktəbi tərk etməli olsun. Ən doğrusu, məktəb pulunu verməsə şagird, Əlbət edəcəklər onu ixrac və təb'id. Təhsilini ikmal edəcək yerdə bir insan, İnsaf edəlim bir, necə qoysun onu nöqsan?! İxrac edilirsə yazığın zəhməti nolsun? Ümmidləri canlanacaq yerdə boğulsun? Göz nuru töküb, can çürüdüb, qəlbi püramal, İstər ki, ola naili-işrətgəhi-iqbal. Çox sə'y eləyir ücrəti-tə'limini tapsın. Siz söyləyiniz çarə nə, biçarə nə yapsın? Tabavər olur günlər ilə rəncü inayə, Netsin, qoşar axır dəri-ərbabi-qinayə. Ərbabi-qina məstimeyü dövlətü sərvət, Könlündə nə şəfqət, nə tərəhhüm, nə mürüvvət! Ümmani-təkəbbür duruyor sanki sərində, Əmzaci-təməsxür coşuyor didələrində. Zəhrabi-həqarət tökəcək, açsa dəhanın, Ehraq edəcək əhli-süalın dilü canın. Təlxab ilə məmzuc sözü cümlə kinayət, Ümmidinə nail edəcək bu səni? Heyhat! Sanki dili bir müz'ic olan canlı ilandır, Bir parə ət, amma necə gör zəhrfəşandır! Etsəydi təcəssüm dəhənindən tökülən söz, Şəksiz ki, olurdu o sözün hər biri bir köz. Acı, yaxıcı məsxərə oynar nigəhində, Səxriyyədir insan balası pişgəhində. Şagirdə ata eyləmək istərsə kifafi, Şərtdir ki, gərək çak qıla cibi-ifafi. Ol rütbə sıxıb tərlədəcək heykəli-qismət, Ruyunda gərək qalmaya dürhaneyi-iffət. İnci kimi çıxmış üzünə abi-həyası, Üz suyu satır ta ala nanparə bəhası. Əsbabi-sitəm, əldə qəni, istmətə ə'da, Ariflərə canilər ədu, pərtövə – zülmə. Bir parəyə min parə edər cibi-həyanı, Xilqət belə xəlq eyləmiş ərbabi-qinanı, Hər fərd birər şeydən alır dəhrdə ləzzət, Ərbabi-qina: yırtmaq ilə daməni-ismət. Fəqir və biçarə şagirdin ərbabi-qinanın məhzəri-kibriyapərvərində aldığı vəziyyəti-miskinanənin lövheyi-təsviridir Şagird hüzurunda durur dəstbəsinə, Amir qabağında necə mə'mur kəminə. Can samiəsi əmri-qəniyə nigərandır, Gizlin əməli və'zi-həzinində əyandır. Bükmüş boyunun, gözləri mə'tuf zəminə, Ey çeşmi-fərəh, ağla bu simayi-həzinə! Bir oğru baxış da arabir nəsbi-qənidir, Amma nə qəni, təb'də qayət də dənidir! Şagirdin o qəmli nigəhi mə'kəsi-amal, Vəchi, nəzəri, mənzərəsi mül'ini-filbal. Ümmidlər ayinəsidir nəzreyi-insan, Dildə nə olursa, olacaq gözdə nümayan. İstərsə ki, bilsin mərəzi əhli-təbabət, Əlbəttə, mərizin edəcək çeşminə diqqət. Amillərin amalın oxu didələrində, Hər bir kəsin ümmidi əyandır nəzərində. Bu görnüşü gördün, keçəlim əhli-qinayə, Gör kim, nə sitəmlər edəcəkdir füqərayə. Sərvətli iki müskərəpərvər nəzər ilə, Suraki-siməti ol mütəkəbbir bəsərilə, Məğrur gözilə süzür ərbabi-süali, San kim, baxışından duyulur kibr məali. Qəsvətli dili saya salıb nasiyəsində, Təhrir olunub “yə's” alını həşiyəsində. Bu vəz'də durmuş görəcək olsa qənini, Fikr et mütəəlimdə olan hali-həzini. Şagirdə xitabən der o timsali-xüşunət: “Bildim ki, sənə lazım imiş etmək ianət. Hə, yaxşı, görüm... İndi mənim özgə işim var, Söz söyləmə artıq, min işim, keşməkeşim var. Sən get, baxaram, söyləməyə qalmadı hacət, Lazımsa, sənə eyləyərəm mən də ianət. Amma ki, deyir, eşidərəm cümlə xəlaiq Əslə oxumursan və deyilsən işə layiq. Gəh sirkə, kluba və teatroya gedirsən, Hər nə biliyorsan, onu sərbəst edirsən”. Vay, vay, nə qədər yandırıcı, qəlbşikən söz! Ağla, bu acı sözləri tənzir eləyən göz! Bu sözləri söylər, yönəlir başqa otağə, Dalsın bu otaqda gözəl ağuşi-fərağə. Ləzzətli yeməklər yeyərək işrətə dalsın, Ərbabi-səfalət dilər isə yerə batsın. Şagird, o qəmdidə, bu möhtaci-ianət – Yə's ilə dönər. Of, zavallı!.. Bu nə halət! Könlündəki ümmidlərin öldümü, övlad? Yoxdurmu vətəndə sənə bir can edə imdad? Sındırdımı yə'sin daşı şəhbalını? Bilməm – Yoxmu elə doktor ki, qoya zəxminə məlhəm? Balalərə pərvaz edəcək yerdə, qəzadən, – Yə's oxları salıd səni torpağa fəzadən. Tifli-əməlin səhdi-xəyalında boğuldu, Ümmidin ölüb, yə'slərin şidi doğuldu. Səndən vətənin gözlər ikən şö'leyi-xidmət, Söndün niyə birdən-birə, ey şəm'i-zəkavət? Sən sübh olacaqdın bu şəbistani-vətəndə, Ey ruhi-münəvvər, gəzəcəkdin bu bədəndə. Kəştisi sınan millətə imdad edəcəkdin, Girdabi-fənadən onu azad edəcəkdin. Yol göstərəcəkdin, onu irşad edəcəkdin, Sən millətini güldürəcək, şad edəcəkdin. Heyfa ki, qırıldı pəri-nazəndeyi-şövqün, Artıq sənə bir ləzzəti yox aləmi-zövqün. Çox şəxslərin yə's qırıb eşq qanadın, Könlündə qoyub istədiyi cümlə muradın. * * * Aləmi-müsavatdan Ruhülqüds təbiətimə Ey təb'i-vəsi'im, səni sığdırmayır aləm, San kim, qəfəs olmuş sənə bu aləmi-müzləm. Ey ruhi-büləndim, sənə məhduddur əkvan, Əndamına naqis biçilib kisveyi-imkan. Hərdəm gəliyor guşuma möhriq nəvahətin, Artıq sənə bir bari-girandırmı həyatın? Billəm ki, vəfa misli cahandan qaçacaqsan, Ə'maqi-fəzaya axıb, onda uçacaqsan. Çıx, tariki-zülmətkədeyi-təngi-cahan ol, Əsfəlləri boşla, ülüviyyətə rəvan ol! Çıx, çıx, səyəran et, dəvəran et, cəvəlan et! Vüs'ətli bir aləm bulub onda təyəran et! Pərvazgəh olsun sənə mafövqi-səmavat, Gəhvareyi-aramını qıl ərşi-füyuzat. Balaları gəz, dövr elə, lahutnişan ol, Ey müxbiri-azadəlisan, feyzfəşan ol! Gəz, gör də nasıldır şu əvalim, şu səmalər. Şayani-tənəffüsmü o göylərdə həvalər? Yoxsa tökülən qanlar olubdur mütəsaid, Olmuş o gözəl, saf havalar da mı fasid? Aya, o cahanlar da mı matəmgahi-qəmdir? Bu ərz kimi saheyi-qəm, səhni-ələmdir? Varmı o zəminlərdə də adati-müadat? Yoxsa qoyulub ortaya mizani-müvaxat? Ol yerdə hüquqi-bəşərə varmı riayət? Məzlumu edirlərmi o yerlərdə himayət? Azadəmidir zülmünü icradə məzalim, Varmı o cahanlarda da insan kimi zalim? Hər kəs nə bilirsə eləyir, yoxmu nizamət? Onlar da mı həsrətkeşi-rüxsari-müsavat? Hürriyyət o ayinədə etmişmi təcəlli? Yoxsa yaşadır onları bir təlx təsəlli? Onlar da mı təkfir edir ərbabi-kəmali? İrsali-şüunat qıl, ey müxbiri-ali! “Övraqi-həvadis” səni min çeşm ilə gözlər, Əxbarını istər, nigərandır bu nəzərlər. Peymanını göndər, edəlim nəşr cahanə, İnsanları vaqif qılaq əsrari-nihanə. Birinci məktub Ol gün ki, minib xaneyi-təyyarə, əfəndim, Uçduq səfəri-aləmi-ənvarə, əfəndim. Düşdü yolumuz şəhri-müsavatnümunə, Baxdıqca nəzərlər qamaşır şəmsi-fünunə. Gəldik də yetişdik bu gözəl şəhri-nəimə, Bənzər buna nisbət küreyi-ərz cərimə. Aləm nasıl aləm, nasıl aləm, nasıl aləm! Tə'rifini qabilmi ki, təsvir edə xaməm? Əhsən, nə cahan! Cənnəti-qüdsiyyətə bənzər, Şol rütbə lətafətli ki, hürriyyətə bənzər! Əsnayi-şəb idi ki, yetişdik bu diyarə, Afaqı münəvvər gecə bənzərdi nəharə. Gərdunənişini-fərəh olmaqla gedirdik, Əsvaqını, bazarını tədqiq edirdik. Hər xanəsi bir laneyi-şəfqət kimi mə'mur, Görnüşləri cəzzab nəzərlər kimi məxmur. Kaşanələri eşqü məhəbbət qədər ali, Əsvaqı dili-dahiyə əmsalı ziyalı. Hər caddədə min şö'leyi-bərqiyyə dirəxşan, Oynardı zəminə saçılan nuri-pərişan. Gülşənlər olurdu nigəharayi-təravət, Məmnun könüllər kimi hər yerdə məsərrət. Məs'ud dodaqlar kimi güllərdə təbəssüm, Dərdim: “əməl etmiş bu çəmənlərdə təcəssüm”. Gərdunə gedir, mən dəxi ləbrizi-sünuhat, Dərdim: “nə gözəl aləm imiş şəhri-müsavat”! Çıxdı yolumuz şə'şə'əli caddəyə birdən, Ənvar axıyor zənn elədim sanki bu yerdən. Parlardı həqiqət kimi mişkati-bəvariq, Xurşidi-ümidə bu yer olmuşdu məşariq. Birdən gözümə dəydi müəlla bir imarət, Şayani-tamaşa idi, həm calibi-heyrət. Bir ləm'ə parıldardı bu kaşanə önündən, San kim, günəş olmuşdu nümayan üfüqündən. Gərdunə edib çərxini tə'til bu saət, İştə burası mənzili-ərbabi-səyahət. Gərdunəçi hörmətlə:– “Əfəndim, düşəcək yer, Pakizə, gözəl, qonmalı bir beyti-müsafir. Hörmətli əfəndim, eniniz, seyr ediniz, ya, Rahət ediniz, xahişiniz cümlə mühəyya”. Gərdunəçisi böylə mülayim olan aləm, – Əlbəttə, edər dilləri, vicdanları xürrəm. Xidmətçi olursa bu qədər fikri ziyali, Orda nə məratibdə olur sair əhali? Mən ücrəti-cərduneni verdim, dedim: – “Övlad! Qıldın məni son rütbədə məsrur və dilşad. Gərdunəçisi böylə olan şəhri-müsavat, Etməzmi əhalisini sərşari-məsərrat?!” Bir tərzi-nəzakətlə dedi: – “Zeyfi-mükərrəm, Ol kəs ki, qəvaninə olub vaqifü məhrəm, – Onlar biliyor bizlərə məmnu'dur ücrət, Mən də edərəm qaidəyi-şəhrə riayət. (Gərdunədə bir dəxli mənə qıldı işarə), Hər kəs nə verirsə, atılır kassaya parə. Ol parə məsarif edilir nəf'i-ümumə, Bikəsləri tə'lim edəcək dari-üluma. Həp bizləri tə'min edən övladi-vətəndir, Ədl ilə, müsavat ilə abad vətəndir”. Mühərrir əfəndi! Nisfini arabada, nisfini də mehmanxananın qabağında yazıb poçtası ilə göndərdim. Müşahidatımı gördükcə, yazıb göndərməyə qeyrət edərəm. İndi nömrədə istirahətə məşğul oluram. Xudahafiz, Ruhülqüds. İkinci məktub Düşdük bu gözəl, pak, lətafətli məqamə, Mənzərləri ruhu gətirir rəqsə, qəramə. Namı bu məqamın qoyulub “Beyti-məsərrət”, Həqqa ki, məsərrət ki, məsərrət ki, məsərrət! Ləzzati-həyati bu məsərrət evi havi, Dərlərsə səzadır buna firdovsi-səmavi. Səhhət yağıyor, feyz axıyor mənzərəsindən, Bir buyi-məhəbbət duyulur məzhərəsindən. Təb'im kimi səhnində çiçəklər gülüşürlər, Fikrim kimi quşlar uçuşurlar, ötüşürlər... Hər lanədə gülməklər uçar, gör necə şənlik! Bu cənnətin arayişi-əndamı gözəllik. Bir qəhqəhə, bir zülmümə, əlhani-xüruşan, Əmvaci-məsərrət oluyor ruhda cuşan. Küsmüşdü bu yerdən əcəba dideyi-nəmnak? Üzlərdə səadət gülüyor, qəlb fərəhnak. Abad olasan, ay belə gülzari-müsavat, Haqdır denilirsə sənə cənnati-hüzuzat! Rahət edib ol leyli, erişdikdə səbahə, Erdi şəbi-asayişimiz sübhi-fəlahə. Xidmətçi gəlib söylədi: “– Səhhətlər, əfəndim! Ömründə nəsibin ola ləzzətlər, əfəndim! Məs'ud olasan cismi-səlamətlə, əfəndim, Mövcud olasan ruhi-həqiqətlə, əfəndim!”. Xidmətçiləri əlbiseyi-pak içində, Əncüm kimi səyyar idi əflak içində. Söhbətləridir çöhrənüma huri-məhəbbət, Siması üzrə uçuyor nuri-məhəbbət. Mən də buna qarşı dedim: – “Ey zadeyi-ürfan! Bir böylə həyatı görünüz layiqi-şükran. Bu aləmə gülmüş, deyirəm, ruyi-səadət, Olmuş bu çəmənzarə vəzan buyi-səadət. Zatən bu gecə cənnət içində yaşayırdım, Ağuşi-ümidə atılıb uyqurlayırdım”. Bir də sözümə etdim əlavə şu kəlamı; “– Anlat mənə, bilmək diləyirəm işbu məramı: Ey sevgili adəm! Bunu qıl bəndənə zahir: Kimdir bu müsafir evinin üstünə nazir? Saxlar belə pakizə, fərahza bu sarayı, Məmnun ediyor dideyi-ərbabi-səfayı”. Xidmətçi təbəssüm edərək geldi kələmə, Bir şivəyi-nazikli ifadəti-məramə: “– İzzətli bərader, sənə bu iş ola mə'lum: Yox burda hökumət, nə də hakim, nə də məhkum. Bu üç sözü məhz eyləmişiz cümlə lüğətdən, Azadəsəriz indi bu üç dənə sifətdən”. Mühərrir əfəndi! Xidmətçi bildiyim bu möhtərəm adamla müsahibəyə məşğul olduğumuz əsnada nömrəmizdəki zəng çaldı. Elektrik qüvvəsi ilə vücuda gətirilmiş calibi-diqqət bir qələmlə divara bu cümlənin yazıldığını tamaşa etdim: “Möhtərəm müsafirlərimiz! Poçta qatarının hərəkət vaxtı yaxınlaşmışdır; vaxtı qaçırmamaq üçün məktub yazanlar yazsınlar”. Bu vəzifəşünas adam məktub yazacağımı gözlərimdən mütaliə etmiş olmalıdır ki, “Şimdilik səadətə əmanət olunuz” cümləsi ilə dışarıya çıxdı. Mən də kitabətə məşğul oldum. Yarım saata yazımı bitirdim. Mehmanxana məktublarını poçtaya verməyə məxsus bir adam nömrələri gəzir, məktubları toplayırdı; mən də məktubu ona verdim. Xidmətçi tanıdığım bu adamla edilən söhbətimizin mabə'dini irsali-hüzur elərəm; əlinizi sıxıram, səlamət olunuz! Ruhülqüds. Mən məktubumu ikmal etdikdən sonra ikinci dəfə olaraq bu zat nömrəmə gəldi, aşağıdakı söhbətləri, o ləzzətli söhbətləri, bir şiveyi-ədibanə ilə nəql etməyə başladı: Üçüncü məktub Ehraz üçün övrəngi-müəllayi-həyatı Məhv eylədik atidəki nifrətli lüğatı: Biz bilmiyoruz hakimü məhkumü hökumət, İlqa edilibdir bu məmalikdə imarət. Hürriyyəti-şəxsiyyəvü azadiyi-vicdan – Çoxdan qılınıbdır bu gözəl şəhrdə e'lan. Hürriyyəti-cəm'iyyətü sərbəstiyi-əfkar – Aşiqlərinə eylədi rüxsarını izhar. İcra edilir qaideyi-ədlü müsavat, Olmuş dilimiz dəftəri-ayati-müvaxat. “İnsanə məhəbbət” sözü var məzhəbimizdə, Həp sureyi-insan oxunur məktəbimizdə. Təkfiri-ümməm, büğzi-miləl, nifrəti-əqvam – Əql eylədi bu sözlərin e'damını e'lam. Ol dəm ki, təcəlla elədi fikrə həqiqət, Mazisinə hər kəs baxaraq çəkdi xəcalət. Həp anladı məxluq ki, övhamü xürafat – Növ'i-bəşər üçün bu imiş ən böyük afat. İnsanları yek-digərinə düşmən edən bu, Gülşənləri, gülbünləri həp külxən edən bu! Nerdən gəliyormuş bu vəbayi-bəşəriyyət? Dinmə, sənə “Bir alim” edər qəztədə lə'nət. Əmmaməlilər yaxdı çəmənzari-cahanı, Əmmaməlilər zəhrlədi fikri-cinanı”. * * * Bu zat əlavə edərək söylədi zahir: “– Yox kimsə ki, olsun bu evin üstünə nazir. Bu ev dəxi əmlaki-cəmahiri-rəiyyət, Cümhur adına eyləyoruz bizi dəxi xidmət. Biz üzvləriz, işləriz əndami-vətəndə, Təndir vətən, ə'sabü ürüquz o bədəndə. Hər bir damarın cismdə bir xidməti vardır, İbqayi-həyat etməyə bir qeyrəti vardır. Tə'tili-vəzaif edəcək olsa gər ə'za, Ol cism, təbiidir, olur mövtə müheyya. Övladi-vətən eyləsə tə'tili-məşağil, Oldu, demək, artıq vətənin varlığı zail. Həp işləyoruz, ruh alırız cismi-vətəndən, Zənbur nasıl şəhd alır əzhari-çəməndən. Asayişi-xəlqə edirik can ilə xidmət, Biz də sürəriz xəlq ilə ləzzətli məişət. Ə'zayə nasıl cism ediyor qanını qismət, Sərmayə də bizlərdə əlelvəchi-şərakət. Bu mülkə deyorlar nəəmarayi-müsavat, Övladi-vətən cümlə səfayabi-hüzuzat. İştə gəziniz, seyr ediniz hali-biladı, Məs'ud görər gözləriniz cümlə ibadı. Səfər yorğunluğum zail olduğundan, sabahdan e'tibarən şəhərin şayani-tamaşa olan təfərrücgahlarını ziyarət etmək xəyalındayam. Ruhülqüds. Dördüncü məktub Bu zat ilə söhbət ediyorduq, danışırdıq, Zövq ilə, səfa ilə gözəlcə qonuşurduq Hər söhbətimiz tərcüməyi-şəhri-müsavat, Bu söhbət edirdi dili sövqi-ülüviyyat. Bir süfrə dərunində həlavətli yeməklər, Pakizə zürufə qonulub şirü şəkərlər. Ehzar edilib bizlər üçün sübh təamı, İtmam elədik ət'imni, həm də kəlamı. Mən söylədim: “– İstər ürəyim şəhri səyahət, Həm də edəlim “Məclisi-şura”nı ziyarət”. “– Pək xub! Bərader, görünüz, görməyə ehza, Əndami-dilaramı fərəhbəxş, tərəbza”. Sıxdım əlini: “– Şimdi səlamət qal, əzizim, Gülsün üzünə dilbəri-amal, əzizim!”. Əlfazi-vidaiyyə ilə ayrılıb ondan, Çıxdım ki, xəbərdar olayım şanlı cahandan. Gərdunəçi amadə evin pişgahində, Bir xəndeyi-iffət uçuyordu nigəhində. Gərdunəsüvar oldum o dəm söylədim: “– Övlad! Qıl “Məclisi-şura” yoluna zeyfini irşad”. Gərdunələri qüvveyi-bərq ilə şitaban, Bir sür'əti-bərqiyyə kimi olmada puyan. Tədvir elədi çərxini bu xareyi-dəvvar, Gərduneyi-dəvvardə mən kövkəbi-səyyar. Gərdunə gedir, mən dəxi təənzir ediyordum, Bu lövheyi-imranı görüb söyləniyordum: Bunlar nə vəsaitlə erib övci-kəmalə, Bu sərvətə, bu şövkətə, bu izzü cəlalə? Hər xitvə başında gözə çarpardı məkatib, Bildim ki, budur baisi-ehrazı-məratib. Əlvah yazılmış qapıya xətti-cəlilə, Sankim, yazılıb hər biri bir qüdrət əlilə. Məktəbləri gör, seyr elə həmduşi-səhaib, Bu məktəb edib bunları ülviyyətə sahib. Mə'bədləri, məscidləri təxrib edərək həp, Təmir edilib yerlərinə məktəb, məktəb... Beşinci məktub Zənn etmiş idim varlığımı cənnət içində, Seyr eylədim əfkarımı hürriyyət içində. Bir ev ki, nə ev, taqi-müəllayi-zəfərdir, Lahutnüma mənzəri cəzzabi-nəzərdir. Bir ev ki, dərununda həqiqətlər üşürlər, Bir bağ ki, əzhari-maarif gülüşürlər. Səf-səf düzülüb üzvlər övrəngi-kəmalə, Valeh oluyordum bu şükuhə, bu cəlalə... Bu bəzmi-mütəntən, fərəhəfzadı cinanə, Hər kəs çəkilib kəndinə məxsus məkanə. Bir dahiyə ol dəmdə olub haizi-rüxsət, Oldu bu zaman ziynəti-kürsiyyi-xitabət. Bir lövheyi-ilhamdı kürsi üzərində, Parlardı düha şö'ləsi kəskin nəzərində. Səyyal zəkalar tökülürdü nigəhindən, Açdı fəmi-vəhyavərini xütbəgəhindən. Qeyrət edərək vəcdlə izahi-mərama, Bir nitqi-bəliğanə ilə gəldi kəlamə: “– Ey niyyəti-qüdsiyyə malik olan əhrar! Bu cümlələri görməli işğayə səzavar: Elm ilə vətən hər nə qədər olsa da ali, Pərvazını tövfiq edəməz fikri-məali. Bir yerdə dayanmaz, uçar ənqayi-xəyalət, Seyrangəhi feyfayi-xəfayayi-təbiət. Əfkari-bəşər seyrinə dardır bu fəzalər, Daim arayır uçmaq üçün başqa səmalər. Uçduqca uçar aşiqi-sirri-əzəliyyət, İstər bilə bilsin ki, nədir şiveyi-fitrət. Əfkardə minlərcə cahan durmada, amma – Sərpənceyi-himmətlə olur kəşfi-müəmma. Himmətdir edən daxili-imkan məhalı, Bazuyi-hümam dəldi ciyərgahi-cibalı. Qəsvətli ürəklər dəlinir dəsti-hüməmlə, Boş dəmlə deyil, iş görülür zuri-qədəmlə. Əqlami-hüməm nəşr qılır fikri-cədidi, Davudi-hüməm mum ediyor qəlbi-hədidi. Tilsimgəhi-dəhrin açarı–dəsti-məsa'i, Miftahi-məsa'ilə olaq biz dəxi sa'i. Minlərcə dəfain hələ ağuşi-xəfadə. Bir xəndeyi-müzlim saçıyor ruyi-ibadə. Dəryayi-xürüşani-sərairdə nələr var, Sahilrəs edər onları mövc ursa gər əfkar. Pirayeyi-ərşi xitabət olan bu dahiyeyi-ə'zəmin meydana qoyduğu həqiqətlərin kaffəsini təhrirə vaxt müsaid olmadığından naşi mabə'dini sonrakı məktubumla irsal edərəm. Ruhülqüds. * * * İranlı qardaşlarıma İran! O bizim Şərqimizin məhdi-kəmalı, Ərbabi-ədəb bəsləyən ağuşi-cəlalı. Təl'ətgahi-ürfan idi afaqı sərasər, Parlardı zəmininə, səmasında səhərlər. Denilsə səza ərzinə səhni-ədəbiyyat, Bu səhndə rəqs eylər idi huri-kəmalat. Bazəndeyi-nazəndələri tərbiyətamuz, Vicdanə ziyabəxş idi bu səhni-diləfruz. Sə'diləri, Hafizləri, Beyzavi, Bəhası – Bunlardı o pakizə yerin əhli-dühası! Firdovsi, cahanın o böyük şairi, hala – Mir'ati-cahanda ediyor namı təcəlla. Tabişgahi-ənzar idi bu səhneyi-beyza, Təsviri-qülub eylər idi əhli-tamaşa! Hər pərdə açıldıqca ədiban görünürdü, Fikri açacaq şö'leyi-ürfan görünürdü. Qərb əhli belə bunları təqdir ediyorlar, Asarların şövq ilə təşhir ediyorlar. * * * Ölmüşdü o mə'mureyi-ürfan olan İran, Əshabi-sitəm könlü kimi laneyi-viran. Başdan-başa bir məqbərə təşkil ediyordu, Ruh əhli olan “fatihə” tərtil ediyordu. Cövlangəhi-bidad idi, səhrayi-fələkət, Övladı bütün olmuş idi əhli-səfalət. Əfvahi-məzalimlə qararmışdı ziyası, Bir dudə bürünmüşdü onun ərzü səması. Sönmüşdü, əvət, şə'şə'əsi, nuri-həyatı, Zülmət idi başdan-başa parlaq səfəhatı. Bir vadiyi-zifər' ikən ol xaki-səməndar, Zülmün nəfəsi etmiş idi bağını bibar. Həp məzrəəsi, məşcərəsi bisəmər idi, Möhtac əhalisi dəxi dərbədər idi. Məzlumların göllərə çıxmaqda fəğanı, Lərzan ediyordu o fəğanlar da cahanı. Məhv eyləmiş idi gözəl İranı cəhalət, Nə elmü ədəb vardı, nə asari-sənaət. Məxrubeyi-zülm idi o mə'mureyi-ürfan, Məzlumların gözləri giryan idi hər an. Səyyad oxu qırmışdı pəri bali-həzarı, Pamal ediyormuşdu da amali-həzarı. Bayquşlara olmuşdu vətən nazlı çəmənlər, Sərbəst uçuşurdu o çəmənlərdə zəğənlər. Cövlangəhi-div idi yazıq cilvəgahi-hur, Rüxsareyi-şəmsi bürümüşdü şəbi-dicur. Qat-qat yığılıb durmuş idi kütleyi-zülmət, Rubənd içərisində idi ruyi-ədalət. Rubənd dururkən rüxi-dildar görünməz, Məsturi-səhaib olan ənvar görünməz. Kəşf olmaz isə pərdə təşə'şö' edəməz nur, Rubənd açılırsa, görünür çöhreyi-məstur. Madam ki, var çöhreyi-mə'nadə hicabat. Parlarmı o sən istədiyin sevgili? Heyhat! * * * Nagah əsərək badi-əməl sübhi-səfadən, Həp qıldı pərişan gecəyi vechi-fəzadən. Afaq həqiqət kimi ərz etdi ziyasın, Göstərdi baxan gözlərə nazəndə liqasın. Azadeyi-zülmət olaraq vechi-səmavat – Eylər o qaranlıq yeri bir ərzi-füyuzat. Hürriyyət edir cənnəti-İranda təcəssüm, Bir-bir əməlin gülləri etməkdə təbəssüm. Mürğani-xoşəlhan ediyor nəğmələr inşad, Matəmzadəgani qılıyor xürrəmü dilşad. Təbdili-məsərrət oluyor matəmi-İran, Məxrubə könüllər kəsilir lövheyi-imran. * * * Zülmati-cəhalət olacaq yerdə girizan – Misbahi-maarif olar, əlbəttə, füruzan. Xurşid, hilal – ol iki fəvvareyi-ənvar – Yek-digərinə eyləyəcək nurunu isar. Xurşidə ziyalar verəcək qövmi-hilali, Gündən-günə xurşid olacaq nurlu, ziyali. Gərduni-fünunda gəzəcək bu iki ayə. İştə Günəşə nur veriyor baxsana Ayə. Vardır bu səmanın iki fəyyazi-həyatı, Dilsiri-füyuz etmədə ərzi ləmə'atı. Millət göyünə iştə gərəkdir iki əxtər, Bir dənə Qəmər, bir dəxi Xurşidi-münəvvər. İstər bu iki ayəni gərduni-məali, Qəlbən sevirəm bunları: xurşidü hilali! * * * Ərz etmədədir kəndini hürriyyət, o canan, Naz eylə, sən ey səhneyi-ürfan olan İran. Mərkuz edilir səhninə mizani-ədalət, Bir-bir çıxıyor ortaya yarani-həqiqət. Qəsb etməyəcək əhli-sitəm həqqi-ibadi, Qüttai-təriqin kəsəməz rahi-vidadi. Hər kəs olacaq sahibi-heysiyyətü hörmət, Kimsə edəməz kimsəyə bir zərrə əziyyət. Əlbir olaraq xitteyi-İranda əhali, Ehraz edəcək cümləsi övrəngi-kəmalı. * * * Ey sinəsi gəncineyi-sərvət olan İran! Ey ərzi-dəfain olan, ey kənzi-firavan! Minbə'd o sinəndəki məhsuli-təbiət, Ol layətənahi bulunan dövlətü sərvət – Zənn eyləmə sinəndə o sərvət yatacaqdır, Bu milləti-bidar o künuzu tapacaqdır. Parlandıracaq simü zərin mülkü sərasər, İran o zamanda olacaq kişvəri-ənvər. Şayistə deyildir qucağında yata altun, Biməğzlərin cisminə layiqdir o altun. Al bunları, ver saxladığın kənzi ibadə, Xidmət edəcək sərvətin e'mari-biladə. Ağuşi-zülamında yatan kənzi-münəvvər – Bir məmləkəti-nur edər İranı sərasər. Parlaq qızılın, haizi-qiymət gühərin var, Firuzə və almasların var, dürərin var. Bir məqbərəsən, məqbəreyi-cismi dəfain, Ə'maqi-dilində duruyor iştə xəzain. Ərbabi-xəsasət kimisən, vermə dilərsən, Sərpənceyi-kuşiş alacaq, onda görərsən. Altunların ilə tikilir məktəbi-ürfan, Darülləcəzə, darüşəfa, darüyetiman. Çöhrən kimi parlar vətənin ruyi-zülamı, Gündüz kəsilər məmləkətin mənzəri-şamı, Məs'ud cahanlar kimi xəndan olur İran, Əmniyyət içində yaşar irannişinan. Minbə'd olamaz, ey vətən, övladların xar, Gəhvareyi-izzətdə edər ömrünü imrar. Onlar da bilər mə'niyi-ayati-həyatı, İstəbraqi-elm ilə bəzər zatü sifatı. Nanparə qazanmaqlıq üçün dərbədər olmaz, Minbə'd behiştin, çəmənin bisəmər olmaz. Vəqta ki, olur bəhrəvər əşcarü nihalın, Bağında təcəmmö' edər övladü əyalın. Danən bol olur, lanələrin cümləsi abad, Üzlər gülərək qəmzədə dillər olacaq şad. İqlimin olur ədlü müsavat ilə imran, Övladi-biladın da olur haizi-rüchan. Sailər olur cümləsi əshabi-sənayə, Sən'ət edəcəkdir səni bir lövhi-bədayə. Bir məşhəri-sən'ət olacaqsan da, həqiqət, Sən'ət qılacaqdır səni firdovsi-səadət. * * * Ey məhdi-maarif, bu gün ərvahi-ədiban – Səhrayi-əbəddən çeviribdir sənə çeşman, Çünki əzəli şə'nini ibraz ediyorsan, Kürsiyi-fünunu bu gün ehraz ediyorsan. Dörd gözlə sənin şə'ninə millət nigəhəndaz, Ehraz elə hürriyyəti, ehraz elə, ehraz! Minlər yaşa, minlər yaşa, ey məhdi-məali, Ey Şərqimizin cənnəti, ey baği-kəmali! * * * İnsanların tarixi faciələri, yaxud Əlvahi-intibah 1 Həyatın səsləri guşumda həp fəryad şəklində, Bu insanlar ki qardaşdır və lakin yad şəklində. Bu torpaq qanlı ovlaqdır, bəşər səyyal şəklində, Ədavət daima vardır, məhəbbət ad şəklində, Bu dünya əskidəndir səhneyi-bidad şəklində, Cahan başdan-başa meydani-matəmzad şəklində, Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində, Müsibətlər, bəlalər, qüssələr abad şəklində, Ürəklər qəm odilə hər zaman bərbad şəklində, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 2 Səadət bir əməl, amma şəqavətlər həqiqətdir, Məsərrət ani bir şeydir, məlalətlər həqiqətdir, Məhəbbətlər müvəqqətdir, ədavətlər həqiqətdir, Ədalət nerdə, lakin zülmü vəhşətlər həqiqətdir, Hanı hürriyyət aləmdə, əsarətlər həqiqətdir, Qaçan bir kölgədir rahət, məşəqqətlər həqiqətdir, Bəlalər, dərdlər çoxdur, fəlakətlər həqiqətdir, Bütün ə'sarımız qanlı, cinayətlər həqiqətdir! Budur, tarix meydanda, hekayətlər həqiqətdir! Bəniadəmdə hər gündə şərarətlər həqiqətdir, Cahan bir ərzi-matəmdir, müsibətlər həqiqətdir, Cəhənnəm var bu dünyada, əziyyətlər həqiqətdir, Məişət aləmində rəncü zəhmətlər həqiqətdir, Bəşər şakidir ömründən, şikayətlər həqiqətdir, Nə yapsın bəxtsiz insan ki, möhnətlər həqiqətdir?! Kədərlər, qüssələr, qəmlər, səfalətlər həqiqətdir. Bəniadəmdə hər gündə bu surətlər həqiqətdir: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 3 Gülüşlər həp binasızdır, fəqət, qəmlər təbiidir. Fərəhlərdə təməl yoxdur, o matəmlər təbiidir, Könüldə hüzn odu, gözlərdəki nəmlər təbiidir, Həmişə qəlbi məhzun eyləyən dəmlər, təbiidir, Yerin üstündə hər gündə axan dəmlər təbiidir, Demək, islahı müşkül qanlı adəmlər təbiidir, Demək, pak olmayan bu kirli aləmlər təbiidir, Demək, dünyadə məzlum ilə əzləmlər təbiidir, Təbiət aləmində qəmli görkəmli təbiidir. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 4 Bu adəm oğlu çoxdandır mübarizdir təbiətlə, Çox əski bir mübarizdir tükənməz dərdü afətlə, Mübarizdir mərəzlə, mikrob ilə, cümlə illətlə, Mübarizdir yer ilə, vəhşi dəryalarla, zülmətlə, Bütün dünyanı parlatmaq dilər ənvari-hikmətlə, Bütün torpağı abad etmək istər dəsti-sən'ətlə, Yeri çox şənlik etmişdir çalışmaqlıqla, qeyrətlə, Yolu üstündəki əngəlləri yıxmaqda hikmətlə, Həmişə ömrü keçmişdir məşəqqətlərlə, zəhmətlə. Neçə min il də keçdi keçməyir bir vaxtı rahətlə, O hala müztəribdir ömri-bədbəxti fəlakətlə, Bəşər dincəlməyir, bir gülməyir, ağlar müsibətlə. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 5 Soyuqda titrər, işlər, isti günlərdə qararmaqda, Sudan, oddan, dəmirdən, daşdan əkməklər çıxarmaqda, Qovuşdurmaq üçün dəryaları torpağı yarmaqda, Tunellər yapmaq üçün ən böyük dağı qoparmaqda, Tükənməz güc var imiş ol biləkdə, qolda, barmaqda, Bütün əllər, ayaqlar həp çalışmaqdan qabarmaqda, Fəqət məcruhdur ömrü, yazıq hər gün saralmaqda, Üzündə bir bulut var, gözləri gülməz, yaşarmaqda. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 6 Bəniadəm çalışmışdır həmişə, sanma yatmışdır, Yeri elm ilə, sən'ət ilə parlatmış, donatmışdır, Əsir etmiş yeri, zəncirə çəkmişdir, qoşatmışdır, Dəmirdən yol qayırmışdır, gəzən evlər yaratmışdır, Dərin dəryaları baziçə etmiş, torlar atmışdır, Dağı, daşı qoparmış, bir-birinə bəhri qatmışdır, Yerin altındakı mə'dənlərə əllər uzatmışdır, Bu zəhmətlərlə böylə hər zamanda qanə batmışdır, Bu onu, o bunu hər gündə vurmuşdur, qanatmışdır, Həyatın aləmində ta əzəldən ağu dadmışdır, Həmişə aldığı qəmdir, sürunu, suru satmışdır. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 7 Gələn gündən bəri ərzi-vücuda Adəm övladı – Əsir etməkdə tədricən yeri, suyu, odu, badı, Bu gün də ildırım yer oğlunun bir əbdi-münqadı, Göyə yüksəlmiş Adəm oğlunun məhsulu-icadı, Nücumu bilmək üçün eyləmiş icad mirsadı, Demək ki, sahibi-dünyadır insanın böyük adı, Nə varsa torpağın üstündə, olmuş iştə səyyadı, Bununla böylə qardaş qardaşın olmaqda cəlladı, Həmişə böylədir insanların simayi-nəşadı: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 8 Tükənməzdir bu insanın künuzi-əqlü ürfanı, Bəşər bir canlı mə'dəndir, bəşər bir mə'rifət kanı, Qul etmişdir tamamilə bu sərvətgahi-imkanı, Dağın qəlbindəki əşya bütün münqadi-fərmanı, Yerin altında altunlar əsiri-dəsti-insani, Göyün, dəryaların, torpaqların ciddən hökümranı, Böyükdür, çox böyükdür, çox da yüksək adəmin şanı, Bütün zülmətləri tənvir edərkən fikri-rəxşanı, Deyildir müntəzəm hala da əhvali-pərişanı, Ürəklər odlu, gözlər yaş, gülüşsüz cümlə pişanı, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 9 Yerin üstündə insan oğlu insan çox çalışqandır, Əzəl gündən bəri zəhmətlərə pək çox alışqandır, Yeri çox şənlik etmişdir, fəqət, öz halı virandır, Hələ zənn etmə insanlar işıqdır, əhli-ürfandır, Böyük bir qismi əqvamın qaranlıqlarda puyandır, Çox azdır anlayan, adəmlərin çox qismi nadandır, O hala bilgisizdir, nursuzdur, beyni nöqsandır, Bunun üçün də xoş gün görməyir, hər gündə giryandır. Hanı xoşbəxt cəm'iyyət, bütün aləm pərişandır, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu matəmgahı kim görmüş sürurabad şəklində? 10 İşıqlı göylər altında qaranlıq canlı insanlar, Çiçəkli yerlər üstündə xəzan vicdanlı insanlar, Baharı parlaq aləmdə gözü baranlı insanlar, Həyati-Nuhə bənzər ömrünüz tufanlı insanlar, Bu dəryayi-bəlada biməded, əfğanlı insanlar, Ticarətgahi-dünyada böyük xüsranlı insanlar, Gahi atəşli, toplu, gah qılınc-qalxanlı insanlar, Müdam olsunmu torpağın qucağı qanlı, insanlar? Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 11 Bəşər! Bədbəxtsən, giryan, pərişan bir həyatın var, Müsibət torpağından yoğrulan bədbəxt zatın var, Əziyyətdən yapılmış bir həyati-bisəbatın var, Təvarixin içində qanlı-qanlı faciətın var, Qaranlıq günlərin, mətəmlə dolmuş kainatın var, Həyati-müzlimindən sonra barid bir məmatın var, Yerin altında böylə keşmokeşlə irtibatın var: Deyirlər, həşrü nəşrin var, deyirlər ki, siratın var, Ölümlə qurtuluş yoxsa təriqi-nanicatın var? Demək ki, keşməkeşlərlə təbii ixtilatın var, Demək, yox olmayırsan, gərçi zahirdə vəfatın var, Həyatın aləmində mən görən böylə sifatın var; Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 12 Həyatında sirati-müstəqimi görmürsən sən, Hidayət rəhbəri əqli-həkimi görmürsən sən, Yazıq insan! Neçin qəlbi-səlimi görmürsən sən? Ədavət narını gördün, nəimi görmürsən sən, Məhəbbət aləmindən bircə mimi görmürsən sən. Neçin fərmani-vicdani-rəhimi görmürsən sən? Həyatın ağlayır, ruyi-bəsimi görmürsən sən, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 13 Gələn gündən bəri qandır işin həp aləmi-duna, Tökərsən qan, bu xislətlə əgər çıxsan da gərduna, Təvarixində şahid vaqeatın xaki-pürxuna, Tükənməzmi, ey insan, səndəki amali-məcnuna? Sitəmlər daima vardır, ədalət nərdə mədfuna? Fərəhnak olmayır dünyadakı əqvami-məhzuna, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 14 Gələn gündən bəri, ey Adəm oğlu, ərzi-imkanə, Daş atmaq vacib ikən səndəki cəhl adlı şeytanə, Tüpürmək fərz ikən ol rəhbəri-zülmətü xüsranə, Fəqət sən daşlar atdın çöhreyi-ərbabi-vicdanə, Tüpürdün ruyi-həqqə, yə'ni ruyi-əhli-ürfanə, Bu gün qoşmaqdasan atəşli, qanlı bir biyabanə, Gözəl bax səndəki çirkinliyə, hali-pərişanə, Bulaşmışsan bu gün başdan-ayağə qıpqırmızı qanə, Yerin üstü dönübdür öz əlinlə qanlı meydanə, Baxanda gözlərim ağlar bu insan oğlu insanə, Baxın diqqətlə millətlərdəki simayi-giryanə: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 15 Bəşər! Dad gördüyün yox, yoxsa səmdənmi yapılmışsan? Ədalətlə aran yoxdur, sitəmdənmi yapılmışsan? Sükundar olmayırsan, mövci-yəmdənmi yapılmışsan, Həyatın bir cəhənnəmdir, ələmdənmi yapılmışsan? Günün, ayın, ilin matəmmi, qəmdənmi yapılmışsan? Təvarixin tamamən qanlı, dəmdənmi yapılmışsan? Həmişə ağlayırsan, dəm'i-nəmdənmi yapılmışsan? Sonunda yoxluğun vardır, ədəmdənmi yapılmışsan? Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 16 Anandan doğduğun gündən işin fəryadü əfğandır, O gündən e'tibarən gözlərin hər gündə giryandır, Çocuqkən əmdiyin süddür və ya inki bəyaz qandır, Demək, xunxar vəhşisən, adın hərçənd insandır! Nasıl, bədbəxtsən ki, aləmin bir beytüləhzandır?! Əzəldən ağlayırsan, son həyatın çox pərişandır, Əvət, sən canlı qəmsən, bu halın işte bürhandır: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 17 Qaranlıq əsrlər keçdi, fəqət yox nuri-tabəndə, Məhəbbət nuru parlarmı, buna heyrətdəyəm mən də, Nasıl bir gündə ərzi-təl'ət eylər sübhi-rəxşəndə? Neçə min il də getdi, gəlmədi bir ruzi-fərxəndə, Yazıq, ey Adəmin oğlu, sənə hər gündə, hər dəmdə! Həyatın giryədir, qəmdir, haram olmuş sənə xəndə, Təbəssüm etsə də güllər, üzün gülməz bu gülşəndə, Dodaqsız qaldığın gündə gülərsən, yə'ni mədfəndə, Demək ki, çöhreyi-tale əbədgiryandır səndə. O keçmiş qəmli halın bəlli, qəmsizmi bu ayəndə – Və yaxud nəsli-ati də bütün giryanü giryəndə? Bu gün könlün pərişandır, bir gün halın pərakəndə, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 18 Bəşər! Alçaq həyatın var, əgərçi şahbalın var, Tədəvinapəzira xəstə əqlin, xəstə balın var, Təbii vəhşətin durmuş, ələzzahir kəmalın var, Təkəllüm eyləsən də, ixtilali-nəzəvalın var, Əzəldəndir ki, müdhiş inqilabın, ixtilalın var, Nasıl dəhhaş, atəşpaş cəngin var, cidalın var, Əvət, çox günlərin vardır qara, məhzun ləyalın var, Əvət, pək çox qəmin vardır, əvət, pək çox məlalın var, Həyati-maziyən göz yaşlıdır, çox odlu halın var, Bu atidən də səs yox, çünki istiqbali-lalın var, Keçən keçmiş, yarın məchul, bir mə'lum halın var: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 19 Göyə yüksəlmiş, ey insan, sənin əsmari-əfkarın, Sənə seyrəngəh olmuş altı, üstü cümlə əbharın, Sənə təslimi-nəfs etmiş dibi dəryayi-zəxxarın. Suyun altındakı əşya əsiri-dəsti-səhharın, Yol açdın qəlbgahından yədi-sən'ətlə kuhsarın, Dəniz, yer, göy bütün məhkum dəsti-səltənətdarın, Bu gün varkən əlində, ey bəşər, miftahı ənvarın, Mübarizkən qaranlıqla həmişə əqli-nəvvarın, Fəqət hala qaranlıqdır bütün əxlaqü mişvarın, Fəcaye'dən ibarətdir bütün ə'sarü ədvarın, Bu atilərdə də yoxmu sənin hali-ziyadarın? Bu hal ilə davam eylərmi yoxsa aləmi-tarın? Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 20 Ucalmışsan göyə, amma hələ süflitəbiətsən, Gözəl yollar qayırmışsan və lakin bitəriqətsən, İşıqlı şəhrlər yapdın, özün məğlubi-zülmətsən, Deyirsən mə'rifət lazım, özün timsali-vəhşətsən, Sədaqətdən vurursan dəm, yalançı, bisədaqətsən, Dilindən düşməyirkən həqq, pərəstişkari-qüvvətsən, Bu xasiyyət ki var səndə, inan ki, nasəadətsən. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 21 Təsəvvür eylədikcə cəngi-atəşrəngü dəhhaşi, Düşür kirpiklərimdən səfheyi-rüxsarə göz yaşi, Bəşərdə qəlb var, derlər, görəydim mən də ol daşi, Yerin üstündə öldürməkdədir qardaş-qardaşi, Dilim vird eyləmiş atidəki əş'ari-qardaşi, Dilim vird eyləmiş atidəki əş'ari-qəmpaşi: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 22 Təfəkkür eylədikcə faciati-səfheyi-xaki, Gözüm görməkdədir zülmət bütün xak ilə əflaki, Üzümdə bir bulut vardır, gözüm olmaqdadır baki, Mənə kim verdi, vermiş olmayaydı məğzi-dərraki, Bu idrakım ki vardır, olmuşam ondan böyük şaki. Əgər xahanı varsa, bəxşiş alsın məndən idraki, Bəşər şəklində gördüm heykəli-bəxti-siyəhnaki. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 23 Günah etmiş, demək, dünyada evlənmişdir insanlar, O toylardan da doğmuşdur yerin üstündə əfğanlar, Əzəldən partlamış aləmdə qövğa adlı vulkanlar, Əvət, çox əski canilər bu naməs'ud olan canlar, Həmişə bir-birin kəsmiş bu əhvali pərişanlar, Əsərbəxş olmayır insanlara ruhani dərmanlar, Əsərsiz qalmış, işte, söylənən nurani fərmanlar, Hanı adəmdə insanlıq, hanı adəmdə vicdanlar? Nədir bir bunca vəhşətlər, nədir bir bunca xüsranlar? Nasıl bir yarədir bu, durmayır ondan axan qanlar? Bəşər alamını bildirməyə vardır ki, bürhanlar: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 24 Cinayət işləmişdir izdivac etməklə ilk insan, Əvət, çox çəkmədi naqabil oğlu eylədi bir qan, Əvət, öldürdü öz qardaşını, tariximiz bürhan, O dəmdən çeşmlər olmuş tamamən çeşmeyi-giryan, O matəmdən bəri canlar, cigərlər odlara suzan, O gündən e'tibarən dildə qəm var, dildə də əfğan, Bu dünya məzbəhində Adəm oğlu hər zaman qurban – Olub, olmaqdadır hala! Bu torpaq qanlı bir meydan, Yazıq övladi-Adəm ta əzəldən olmamış xəndan, Bəşər alnında vardır hər zamanda ayeyi-əhzan: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 25 Nasıl, gördünmü tarixi-bəşər qanlarla başlanmış, Əvət, qanlarla, əfğanlarla, xüsranlarla başlanmış, O qan tarixi də naqabil insanlarla başlanmış, Həyatın ilk dövrü işte üsyanlarla başlanmış, Əvət, qan tökmək ilə, həm də tüğyanlarla başlanmış, Yerin də öz həyatı odla, vulkanlarla başlanmış, Həyatı əhli-ərzin ahü əfğanlarla başlanmış. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 26 Bəşər hər gündə matəmli, bəşər hər gündə giryandır, Bəşər hər gündə məhzundur, cahan bir darülehzandır, Bəşər əhli-cəhənnəmdir, həyatı çünki niyrandır, Dili abad olan yoxdur, könüllər həpsi virandır, Əzəldən Adəmin oğlu bu torpaqda pərişandır, Əzəldən qəm cahanında bu insan könlü suzandır, Nədir bu aləmi-möhnət ki, odlu, qanlı meydandır? Nə simadır bu sima, işte bu simayi-insandır: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 27 Bu torpaqda olan gündən bəri övladi-Adəm həm, Əkiz qardaşdır Adəm oğlu ilə yövmi-matəm həm, Gözü bir qəm bulağı, ayrı olmaz çeşmədən nəm həm, Əzəldən yarıdır, ayrılmaz ondan nəmli görkəm həm, Zavallı, bəxtsiz insan, həyatın cümlə bərhəm həm, Yaran çox qorxulu, tə'sirsiz qalmaqda mərhəm həm, Demək, a hərfi zairdir, adındır qaliba dəm həm, Və ya son hərf ikən səhvi-qələm yazmışdır əqdəm həm, Neçin səfki-dimadən çəkməyirsən dəst bir dəm həm, O xuni-ictimai durmayır, olsan da ə'ləm həm, Sənin haqqında söylənmiş düşün bir nəssi-“kərrəm” həm, Səadət cənnətin yoxmu? Həyatındır cəhənnəm həm, Gözümdə qanlı dünya səhni-matəmdir, ələm, qəm həm, Güzərgahi-siyahi-ömrdə hər şəxsi görsəm həm: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 28 Edildi nurdan qayrılma söz irsal insanə, İşıqlı yol açılmış olmadı ənsali-insanə, Qaranlıqlar görünmüş çöhreyi-iqbali-insanə, Qalın şəblər çəkilmiş sübhi-istiqbali-insanə, Hələ süflidir insan, baxmayın şəhbali-insanə, Hələ ülvi məhəbbət girməmişdir bali-insanə, O nəfsi-atəşindir rəhnüma izlali-insanə, Ədalət hökmfərmadır, yazıq əhvali-insanə! Gözüm gahi baxar maziyə, gahi hali-insanə: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 29 Gözəl söz, canlı söz, parlaq söz ilə olmayır bidar, Bu çirkinlikdən əl çəkməz neçin bu qan tökən qəddar? Demək, kamil deyil beyni olurkən də təkamüldar, Bir az bax kəndinə, insan, nədir ömründəki əkdar? Nə rütbə olsan imrani, sən ey xasiyyəti xunxar, Bu əxlaqın ki virandır, gülərmi səndəki ənzar? Bu vəhşət baqi qaldıqca, həyatın daima ağlar, Müsibətlərlə malidir təvarixindəki ə'sar, Həmişə qəmli olmuş səndəki ənzar ilə əbsar, Əvət, keçmişlərin, halın bunu etməkdədir izhar: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 30 Bu insan oğluna məqsəd nədir qəm intixabından? Açılsa mehr babı, göz yumar vicdan kitabından, Demək, nur içməmişdir beyni ürfan afitabından, Dili donmuş, hərarət almayır nurun xitabından, İşıq pək çox yağırdı, olmayır bidar xabından, Yanar atəşlərə ənzarı, qurtarmaz qəm abından, Həyatı sanki yoğrulmuş müsibətlər türabından, Pərişandır cinahın tündbadi-inqilabından, Bir öylə səs gəlir, mətəm səsi dəhrin rübabından, Bəşər bədbəxtdir tarixə yovmi-intisabından, Fələkətlər ədədsizdir təvarixin hesabından, Əzəldən sızlayır insan bu dünyanın əzabından, Yetimə bənzəyir, insanə bax, hali-xərabından, Kimi görsəm də pirü yaxud ərbabi-şəbabından: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 31 Bəşər tarixi xunin sərgüzəşti-adəmiyyətdir, Bəşər tarixi matəmdir, bəşər tarixi möhnətdir, Yazılmış qissələr başdan-ayağə həp müsibətdir, Bizə nəql etdiyi keçmiş zamanlar həp fəlakətdir, Bü gün mazi xəyal olmuş, hekayətlər həqiqətdir, Bu torpaq qanlıdır, vulkanlıdır, cayi-ədavətdir, Bu bədbəxt ərzimiz ciddən də bir meydani-vəhşətdir, Nəsibi-əhli-dünya dərddir, qəmdir, məlalətdir, Bəşər simasına hər gün qonan zilli-səfalətdir, Bəniadəmdən ayrılmaz olan surət bu surətdir: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 32 Təvarixi-həyati-maziyə qandır, fəğandır həp, Bu Adəm oğlu qatildir, işi hərb ilə qandır həp, Əzəl gündən bəri torpaq pərişan bir cahandır həp, Cahan bir olsa da, bədbəxtliyi-adəm cavandır həp, Əvət, övladi-adəm qəmnişan, matəmnişandır həp, Əzəldəndir ki, dünya bir cahani-imtahandır həp, Sitəmlər, qəhrlər zahir, ədalətlər nihandır həp, Ədavət, doğrudur, vardır, məhəbbətlər yalandır həp, Qədimi vəhşəti-fitriyyə insanda əyandır həp, Ölənlər, öldürənlər daş deyildir, həpsi candır həp, Ürəklər odludur, hala bu gözlər əşkdandır həp. Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 33 Cahan tarixi xunin macərayi-əhli-aləmdir, Mənim indimdə hər sətri birər şəhnameyi-qəmdir, Bütün yarpaqları hakimi-bədbəxtliyi-adəmdir, Yazılmış qissələr qəmdir, ələmdir, matəmü dəmdir, Bəşər məzlumdur, amma ki, çox artıq da əzləmdir, Əzəldəndir ki, mazisi həzindir, halı bərhəmdir, Göy altında, yer üstündə bəşər bir canlı matəmdir, Bu bədbəxt adəmin vəziyyəti pək qəmli görkəmdir: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 34 Dərin bir gözlə bax, tədqiq qıl tarixi-ədvari, O tarix işte hakidir həyati-aləmi-tari. Hekayət eyləyir əfsaneyi-xunini-ə'sarı, O mazi indi keçmişdir, fəqət vardır ki, asarı, Bəşər tarixi əldə keçmişin mir ati-əxbarı, Bizə göstərməkdə tarixlər maziyi-qəmzarı, Həmişə qanlıdır qanlarla torpağın bu rüxsarı, Tamaşa qıl bu gündə də Adəmin oğlunda ənzarı: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 35 Əvət, tarixin övraqı təmamın hakiyi-xundur, Zamanlar keçsə də, hali-bəşər tarixə mədfundur, Bu yer çox əski məqtəldir, o göy çox köhnə gərdundur, Bəşər fənnən ucalmış, lakin insaniyyəti dundur, Əzəl gündən bu bədbəxt Adəmin övladı məhzundur, Qısa bir ömrü var, amma bəşər aləmi əfzundur, Gözü hər gündə yağmurlu, fəqət siması solğundur, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 36 Qürunı-maziyə ciddi müsibətlərlə keçmişdir, Müsibətlərlə, möhnətlərlə, zillətlərlə keçmişdir, Yalan olmaz desəm: hər gün fəlakətlərlə keçmişdir, Məhəbbət görməmiş mazi, ədavətlərlə keçmişdir, Bu əqvamın həyatı qanlı vəhşətlərlə keçmişdir, Həyati-əhli-dünya həp cərahətlərlə keçmişdir, Bəşər ömrü tamamilə məlalətlərlə keçmişdir, Keçən insanların halı bu halətlərlə keçmişdir: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 37 Gecəydi, qonşular yatmış, fəqət mən ol gecə bidar, Odamda yalqız idim, yalnız olmaq məncə qiymətdar, O tənha şəblərə ruhumda çox eşqü məhəbbət var, O şəblərdir mənə bəxş eyləyirlər ən işıq əshar, O şəblərdə pəriyi-şe'rü ilhamım açar rüxsar, O şəblərdə tülu' eylər şu ulduzlar kimi əş'ar, O şəblərdə xəyalatım olur balaləri səyyar, O şəblərdir isalə eyləyirlər ruhuma ənvar, O şəblərdə səmayi-şairiyyətdən doğar əqmar, Əvət, bir böylə şəbdi, yalnız idim, ya üluləbsar! Durardı pişgahımda həyatı anladan asar, Yazı şəklində durmuşdu hekayatı qalan ə'sar, Böyük tarix idi qarşımdakı məcmueyi-əxbar, Əhatə etmiş idi hər tərəfdən beynimi əfkar – Və gahi canlanırdı məqbəri-mazidəki ədvar, Görürdüm nəsli-mazini: bütün əşxas mətəmkar, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 38 Əvət, ənsali-mədfunə önümdə canlı durmuşdu, Böyük bir qismi məcruh idi, cismi qanlı durmuşdu, Demək, məqtul imiş onlar, qızıl bürhanlı durmuşdu, Qadınlar ağlayırdı, dilləri əfğanlı durmuşdu, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 39 Görürdü gözlərim: qanlar içində canlı mövtayı, Çoxu mə'lul idi, yə'ni: kəsilmiş dəst ilə payı, Zamani-hərbdə qeyb etmiş onlar bə'zi ə'zayı, Bu mə'lulin də həp bədbəxt görmüşdür bu dünyayı – Və görmüşlər həmişə torpağın üstündə qövğayı, Tamaşa eylədim onlardakı ənzarü simayı: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 40 Geyimlər cümləsi xunin idi əndami-mövtadə, Dururdu həp qızıl qanlar bütün gözlərlə simadə, Şu naməs'udlar da yaralanmışlardı qövğadə, Demək ki, ruyi-rahət görməm iş onlar da dünyadə, Cərayihdardır insan o keçmişlərdə, haladə, O mazi qanlı; hal işte... səadət varmı fərdadə? Və yaxud nəsli-ati də yaşar eynən bu mə'nadə: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 41 Xəyalım qarşısında firqə-firqə keçdi maziyyun, Bütün gözlər, baxışlar, çöhrələr qayətdə naməmnun, Əvət, bir qismi-ə'zəm yaraliydi üzləri məhzun, Əzəldən bir müsibətgahdır bu vadiyi-pürxun, Bəşər ömrü çox az bir şey və lakin dərdlər əfzun, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 42 Bu maziyyunə baxdım, həpsini mətəmdə gördüm mən, Bu haliyyuna baxdım, ağlayırlar, qəmdə gördüm mən, Bu atiyyuna baxdım örtülü aləmdə gördüm mən – Ki, yə'ni onları mübhəm olan görkəmdə gördüm mən, Yenə əhvalə baxdım, halı da bərhəmdə gördüm mən, Təməssül etdi matəm surəti-adəmdə gördüm mən: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 43 O maziyyun son ev adlı bir dünyayə dalmışdır, Bu haliyyun odlu, qanlı bir qövğayə dalmışdır, Bu atiyyun dəxi bir örtülü fərdayə dalmışdır, Səadət də lüğət yarpağına bir sayə salmışdır, Bu, ilk adəmdən öz övladına bir mayə qalmışdır: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? Bu maziyyun sönmüşdür, fəqət qövqa dirəxşandır, Bu haliyyun çox bədbəxtdir, pək çox pərişandır, Bu atiyyunda səs yoxdur, onlar həp xəmuşandır, Qəmin dəryası dünyamızda cuşandır, xüruşandır, Bu dəryalar qədər qəm var, acı yaşlar ki, bürhandır – Və hala cəngi-atəşrəng yer üstündə tənnandır, Nəsibi-həstiyi-adəm bu aləmlərdə əfğandır, Bu naməs'ud insanın həyatı daima qandır, Onun bədbəxtliyinə gözləri bürhani-guyandır, Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 45 İntaqi-mazi Xəyalən seyr edirkən qəlbi-şəbdə hali-dünyayı, Vücudi-mazini gördüm, o dəhşətli həyulayı. Bir az tədqiq qıldım ondakı matəmli simayı, “Mənə anlat, – dedim, – ey pir, bu dünyayi-ədnayi – Ki, sən pək pirsən, çox gördün aləmlərdə qövqayı, Yəqinən ki, sayılmaz gördüyün qövğaların sayı, Əvət, çox gördün, işte, göydəki aydın olan ayı, Fəqət heç dinc gördünmü bu darülhərb zülmayı? Gülən gördünsə söylə, çeşmi ruyi-əhli-qəbrayı? Nasıl adəmdir anlat, işte, bu əbnayi-həvvayı, Biz isək daima gördük həyati-matəməfzayı: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 46 Təməssül eyləmiş mazi, fəqət ətsizdir əndamı, Mən ondan qorxmadım, tərd etmişəm iblisi-övhamı, Dayandırdım önümdə, sordum ondan keçmiş əyyamı, Çox aydın sözlər ilə sönmüş ə'sari-siyəhfamı, Mənə kəşf eylədi, ağlar kimiydi lakin ifhamı, Dedi: “– Mən keçmiş ə'sarəm ki, böylə görmüşəm, hamı: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 47 Qarşımda təməssül etmiş olan mazi insanların tarixi faciələrini bu yolda hekayə etməyə başladı: Əbül-insandan əvvəldi bəşər heyvan halında, Təkamül etməmişdi, cümləsi nöqsan halında, Bəhaim ilə insan adətən yeksan halında, Bu adəm əsrində həp oldular şeytan halında, Cahanı görmədim mən bir behiştistan halında, Zəmini görmədim mən cənnəti-huran halında, Bu xakı görmədim mən rövzeyi-rizvan halında, Yeri gördüm həmişə qan ilə əlvan halında, O Habil-Qabili gördüm, fəqət xəsman halında, İki qardaşdılar daşqəlbli insan halında, Həyati-Adəmi bir görmədim şadan halında, O Həvvanı görərdim daima giryan halında, Qarşımda təməssül edən mazinin sözünü kəsərək dedim ki: O Həvva qızları hala da pürəhzan halında, Zəmini-Şərqdə bədbəxtü bəddövran halında, Yaşar həm şərəfsiz, bəxtsiz, bişan halında, Bu Məşriq aləmi nisvan üçün zindan halında. Susdum, mazi məbə'di-macəraya davam etdi: O Nuhun vaxtı növhə, həm də bir tufan halında, Onun da qövmü batdı, ne'mətə küfran halında. Özü bir yaxşı adəm, oğlu da Kən'an halında, O Lutun qövmi batdı, yerləri viran halında, O Yə'qubları gördüm bütün əmyan halında, O Yusif vaxtı keçdi çah ilə zindan halında, Həsədələr canlı əcsam oldular ixvan halında, Ürəkdən Yusifə kinli, fəqət yaran halında, Əvət, Yə'qubu gördüm çeşmsiz piran halında, Ağarmış saqqalilə gözləri hicran halında, O Musa əsri Misri görmüş idim qan halında, Çocuqlar həp quzuykən oldular qurban halında. O fir'onləri gördüm bütün gürgan halında, Mədədrəs olmadı bir kimsə də çoban halında. Yəhudi milləti bədbəxtü məzluman halında – Əsir idi təmamən bəndeyi-fərman halında. O Fir'on, işte, ən zalım hökmdarın halında, O Misri görmüşəm çox qanlı bir meydan halında, O Fir'onun zamanı keçdi həp tüğyan halında, O fir'onlər olmuşdu bütün haman halında, Əvət, gördüm o dövrü dövreyi-xüsran halında. Bu İbrahimin əsri atəşi-suzan halında, Oda atmışdılar biçarəni üryan halında, Demişdi haq sözü haq söyləyən mərdan halında, Deyirdi xalqa doğru sözləri şəc'an halında, Deyirdi: “–Tapmayın əsnamə mə'budan halında”. Neron yandırmış idi Rumu bir niyran halında, Cəmaət ağlayırdı, kəndisi xəndan halında, Acı tarix içində: möhriqül-büldan halında. O Sokrat əsri: dillər xəstə, bidərman halında, Həkimi dinləyən yox, xalq həp nadan halında, Deyirdi: “Doğru yol bu!..” Xalq gümrahan halında, Cəmaət aləmi-qəflətdə həp puyan halında, O Məryəm oğlunun da əsri qəbristan halında, Təmamən meyyit idi canlılar bican halında. Məsihə zülm ediş guya ki, bir iman halında, Onu öldürməyi zənn etdilər vicdan halında, Gözəl bir zatə qarşı çıxdılar üdvan halında. Cənabi-Əhməd əsri: xalq biürfan halında, Cəhalət cismlənmişdi əbucəhlan halında. Həmişə qətlü qarət, adətən bir şan halında, Əvət, gördüm o dövrü dövri-xunxaran halında. İşıqlı yol da gəldi həzrəti-Qur'an halında, O Zərdüşt əsri insanlar bütün sindan halında. Əvət, Hind ilə İran oldu atəşdan halında, Sitəm sahibləri hökm etmədə bəy, xan halında, Bütün məsnədnişinan zülm edən şahan halında, Bu İran torpağı cayi-sitəmkaran halında, Zavallı əhli-İran cümləsi nalan halında, Bütün zəhmətkeş idi tibqi hammalan halında. Əvət, xanlardı ancaq müstəbid sultan halında, Cəfapərvərlər, işte, dövlətə ərkan halında. Əhali ağlayırdı kimsəsiz sibyan halında – Və yaxud Şərqdə bədbəxt olan nisvan halında. Xülasə, xaki-İran səhneyi-əfğan halında. Xülasə, xaki-İran səhneyi-əfğan halında. Dedim: hali, buyur. Susdu, Dedim vulkan halında: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 48 O mazi susdu, bir əfsus çəkdi, bir də vaveylə, Dedim: “Neyçün bu əfsusun, bu vaveyla, bu vaheyfa?”. Dedi: “Ciddən də şayani-təəssüf sözəri var ya – Xilas etmişmi zillət günlərindən qövmünü Musa? “Diri meyyitlər”i, aya, diriltmiş oldumu İsa? Məhəbbət ruhu ilə etdimi ölmüşləri ehya?”. Mən: Məhəmməd ümməti yatmış məzari-cəhldə hala, Qaranlıq, çox qaranlıqdır, zavallı ümməti-taha. Bütün atəşpərəstan ruhu donmuş bir sürü mövta, Bəhaüllahın əfkarı çiçəkli, dadlı bir rö'ya, Xəyalə bənzəməz, çox odludur, çox qanlıdır dünya. Həmişə ağlayan gördüm bu Adəm oğlunu, zira – Ədavətlərlə qardaşdır, məhəbbətlərlə çox ə'da. Əvət, mən maziyəm, gördüm bütün ə'sarı matəmza. Mazilə bir ağızdan: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 49 Mazi: Yədi-beyzayi-Musa açdımı bir yol ki, çox rəxşan, Məsihin fikri Adəm oğluna bəxş etdimi bir can? Cənabi-Əhmədin peyrəvləri bielmü naürfan. Pərəstişkari-narın nuru sönmüş, həpsi şəbgərdan, Bəhailər də xülyalar yolunda olmada puyan. Mən: Həqiqət işte meydanda, bəşər məhzun, bəşər giryan! Ziyabəxş olmadı insanlara Tövrat ilə Qur'an, Ziyadar etmədi millətləri İncil ilə İyqan, Ümumi bir məhəbbət olmayır ki, qabili-imkan, Ədavət odlarında yanmada qardaş olan insan, Cahan ərzi-ədavətdir əzəl gündən bəri hər an, Yer üstü daima qanlı, bəşər qanlı, ürəklər qan. Bir ağızdan: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? 50 Mən: Çobansızdır bu gündə “raiyi-əqnam”ın əqvamı, Məsihin ümməti yapmış dəmirdən duzəxəndamı, Əvət, icad qılmış aləti-qətl ilə e'damı, Məhəmməd ümməti tutmuş rəhi-zülmatü övhamı, Sönüb atəşpərəstanın da pərtövgahi-ilhamı. Bəha qardaşlığından bir əsər yox, var fəqət namı, Bütün qalmışdır avarə cahanın püxtəsi, xamı, Tamaşa eylə insanın üzündə zilli-alamı: Mazi ilə bir ağızdan: Baxışlar kölgəli, üzlər bütün nəşad şəklində, Bu mətəmgahı kim görmüş sürurabad şəklində? * * * Kitabxana.az · https://kitabxana.az/collections/hadi-poemalar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1920). Public domain (author died 1920). Original text only.