Ağa Məhəmməd şah Qacar Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Ağa Məhəmməd şah Qacar Faciə beş məclisdə, doqquz pərdədə * * * Əvvəlinci məclis Əhli-məclis AğaMəhəmmədxanQacar Cəfərquluxan Əliquluxan Mustafaxan }onun qardaşları Mürtəzaquluxan Rzaquluxan Altı nəfər şirazlı, iki nəfər qasid, sərkərdələr, əsirlər, sərbazlar Əvvəlinci məclis Mazandaran, Ağa Məhəmməd xanın mənzilinin səhni. Altı nəfər şirazlı. Əvvəlincişirazlı. Xan görəsən nəyə məşğuldur? Həmişə bu vədə çıxıb, sərkərdələrlə söhbət edərdi. Binagüzarlıqlar edərdi. İk incişirazlı. Xanın kitab oxumağa çox artıq həvəsi var. Yəqin yenə kitaba məşğuldur. Mən Şirazda həmişə zənn yetirirdim. Vaxtı ki, Kərim xanın söhbətindən fariq olurdu, çəkilirdi öz mənzilinə, kitabları bir-bir tökürdü qabağına, başlayırdı oxumağa. Bəzən vaxt görürdün, kitabı oxuyandan sonra yumub, şəhadət barmağını kitabın arasına qoyub, gedib dərin fikrə. Bu növ hərəkətləri onda görəndə və ələlxüsus Kərim xanla rubəru əyləşib dövlət işlərini müzakirə edən ağa Məhəmməd xanın tökdüyü tədbirləri eşidəndə mən həmişə öz ürəyimdə deyirdim ki, bu şəxs, əlbəttə, böyük mərtəbəyə çatacaq. Kərim xan ömrünün axırlarında, dövlətə dair hər bir məsələdə Ağa Məhəmməd xanın rəyini soruşardı. Təəccüb burası idi ki, Ağa Məhəmməd xan öz atasının qatili ilə rubəru əyləşib, ona gözəl-gözəl təbdirlər tökürdü. Əvvəlincişirazlı. Ağa Məhəmməd xan Kərim xana gözəl tədbirlər töküb düz yol göstərəndə, yəqin etginən ki, heç vədə Kərim xanın mənfəətini mülahizə etmirdi. Bəlkə millət və məmləkət mənfəətini mülahizə edib, o tədbirləri tökürdü. Üçüncüşirazlı. Mən Kərim xanın qulluğunda olandan qabaq həmin bu Mazandaranda Nadir şahın qardaşı oğlu Ədil şahın qulluğunda idim. Elə ki Nadir şah Qacar şurişini yatırtdı və Məhəmmədhüseyn xanı məğlub elədi, o vədə onun iki oğlunu ki, böyüyü olsun həmin Ağa Məhəmməd xan, əsir edib götürdülər Ədil şahın yanına, Ədil şahın hökmünə görə, Ağa Məhəmməd xanın rüculiyyətini aldılar. O vaxt mən öz ürəyimdə dedim ki, Ədil şah özünə bir elə düşmən qazandı ki, onun cəmi düşmənlərindən qəvi olsun. Çün məlumdur, şəxs ki kişilikdən düşdü və dünya ləzzətindən məhrum oldu, cəmi bədənin zorunu verəcək əqlinə və əqllə də düşmənə tez qalib olmaq olur, nəinki bir yalnız qoşunla. Ədil şah mərhum olandan sonra Ağa Məhəmməd xanı azad etdilər. O da dayanmayıb getdi ağasının yanına ki, onun yaman günündə ona qəmxar olsun. Bu yandan Şiraz hökmranı Kərim xan təzədən Qacar üstünə qoşun çəkib, Məhəmmədhüseyn xanı öldürüb, Ağa Məhəmməd xanı dübarə əsir edib apardı Şiraza. Bir belə bəlalara düçar olan, başı qovğalar çəkən, əlbəttə, gərək intiqam fikrini başından çıxarmaya. Odur ki, işdən fariq olan vaxt kənara çəkilib, kitablardan dərdinə dərman istəyirdi. Odur ki, barmağını kitab arasına qoyub fikrə gedirdi. O, böht deyildi, bəlkə cəmi İranın gələcək günlərinin fikri idi. Bir belə müsibətin əvəzində, Ağa Məhəmməd xan gərək bir elə mərtəbəyə çatsın ki, inqirazı-aləməcən onun adı tarixlərdə söylənsin. Əvvəlincişirazlı. Ağa Məhəmməd xan böyük mərtəbəyə çatacaq. Buna heç şəkk ola bilməz, Sali ki, nikust əz bəharəş peydəst. Kərim xanın vəfatından sonra ki Ağa Məhəmməd xan Şirazdan çıxdı, ancaq biz altı nəfərlə Mazandarana gəldik. Amma İndi gör burada nə cəlal var. Bir yandan Ağa Məhəmməd xanın qardaşı Mustafa xan öz qoşunu ilə, bir yandan onun o biri qardaşları Cəfərqulu xan və Əliqulu xan həmçinin öz qoşunları ilə, Qacarın Rəşid şəxsləri hər biri nə qədər atlı ilə burada cəmdirlər. Bir belə qoşunun vücudu ilə hər bir fikrə düşmək olar. Üçüncüşirazlı. Hətta padşahlıq fikrinə də düşmək olar. Beləmi demək istəyirsən? Yaxşı il baharından bəlli olar. Əvvəlincişirazlı. Onu deyəndə nə olar? Bu saat İran parçaparça olub. Əlimurad xan əyləşib İsfəhanda. Nadir Mirzə atası kor Şahruxla əyləşib Xorasanda. Sair məmləkətlər də həmin qərar. Bu hökmranların hamısı bir-birilə müddəidir. Əgər bunların müqabilində bir aqil şəxs çıxıb başına qoşun yığa, yəqin bil ki, az müddətdə hamısına qalib olub ənani-səltənəti keçirər əlinə. Ağa Məhəmməd xanın bəxtinin ulduzu gün-gündən ucalmaqdadır. Qoşunu gəldikcə artır və onun ağlı, kamalı və tədbiri cəmi dünyaya məlumdur. Padşahlıq fikrinə düşmək nə çətin işdir?! Üçüncüşirazlı. Yəqin elə bunu mülahizə edib, Şirazdan Mazandarana gəlibsən? Əvvəlincişirazlı. Gəlibsən niyə deyirsən, gəlmişik de. Riya-filan lazım deyil. Dünya bilir ki, Qaflanguhla Aslan duzlağı yapışqan ola, Şiraz bunun ürəyini Qacar nəslinə yapışdıra bilməz. Biz altımız da bir fikir edib, buraya gəlmişik. Burada yad adam yox, hamımız şirazlı. Bizə nə lazım gəlib bir-birimizi aldadaq? Kənara çəkilin! Xan yenə fikir dəryasına qərq olmuş gəlir. Onu böht aparanda gərək gözünə adam görünməyə. Hamı gedirlər. Ağa Məhəmmədxan (məbhut, pilləkəndən enib, axır pillədə əyləşir). Bəli, belədir və belə də gərək olsun. Mənim bu gecə gördüyüm vaqiə də deyir gərək belə olsun... Mən kitablardan oxumuşam, cümlə maxələqəllahdan qabaq yaranan lövh və qələmdir. Lövh üzrə cəmi məxluqatın sərgüzəşti yazılıb. Mən yəqin etmişəm, o lövhədə İranın nicatına bais nəsli-Qacar yazılıb. (Durur ayağa.) Əvvəl Qacar nəslinin sərkərdəsi mənim babam Fətəli xandır. Fətəli xanın tərəqqisi Qacarın sairi-əyanının büxlünü artırıb, ona düşmən elədi. İstədilər onun tək oğlu Məhəmmədhüseyn xanı ki, mənim atam olsun, öldürsünlər. Atam köçəri türkmənlərə pənahlandı və başına qoşun yığıb başladı öz qohum-əqrəbası ilə dava eləməyə. Bu vaxt bir bəlayi-nagahan parlaq şöleyi-aləmsuz tək Əfşar arasında asimana bülənd olub, İranın üstündən adladı. Amma necə ki, qalxmışdı, o növ də enib söndü. Bu şölə Qacar nəslinin bir-birilə etdiyi ədavətə görə Allah tərəfindən göndərilmiş bir bəla idi. O bəlanın adı Nadir idi. Nadir qacarlara kömək durub, mənim atamı məğlub elədi və mən də ki, qardaşımla bir yerdə Nadir şahın qardaşı oğlu Ədil şahın əlinə əsir düşdük. Bunun hamısı sirrirəbbülaləmin idi. Elə olmasaydı, belə də olmazdı. İndi Nadir də və mənim atamın qatili Kərim xan da ölüblər. Mən həmişə xudavəndialəmdən istixasə edərdim, məni bir mərtəbəyə çatdırsın ki, onlardan ata-babamın qisasını alım. Nə eləyim, arzuma çatmadım. Amma eybi yoxdur. Əgər xudavəndi-aləm kömək elər, onların sümüklərindən qisas alaram. Cəfərquluxan (daxil olur). Qardaş, yenə nə fikrə gedibsən? Ağa Məhəmmədxan. Cəfərqulu, sənsən? Yaxına gəl... Nə eləyim, qardaş? Dərd çoxdur, yük ağır. Tədbirsiz, fikirsiz iş olmaz. Cəfərquluxan. Sən həmişə deyirsən ki, İranın nicatına gərək nəsli- Qacar olsun. Amma... Ağa Məhəmmədxan. Bəli, belədir və bu mənim yəqinimdir və bu gecə gördüyüm vaqiə də buna sübutdur. Gördüm bir böyük yaralı bədən düşüb və məni o bədənin üstünə həkim çağırıblar. Əlimi bədənə çəkən tək cəmi yaraları sağaldı, durdu ayağa. Qardaş, yəqin elə ki, o bədən İrandır. Cəfərquluxan. İnşallah, belə də olacaq. Amma Qacardan bir qasid gəlib, yaman xəbərlər gətirib. Ağa Məhəmmədxan. Nə xəbər? Cəfərquluxan. Bizim öz qardaşlarımız Rzaqulu xan və Mürtəzaqulu xan çox böyük qoşun yığıb bizim üstümüzə gəlirlər. Buna təbdir lazımdır. Mürtəzaqulu xan hətta adını şah qoyubdur. Doğrudan, mən, qardaşlarım Mustafa və Əliqulu və sairi sənin yanında olan sərkərdələr sənin yolunda baş və candan keçmişik, amma, qardaş, azıq. Ağa Məhəmmədxan. Eybi yoxdur, Allah bizə köməkdir. Qüvvət çoxluqda olmaz, tədbirlə, qeyrət və namusla olar. Get Mustafa xanı, Əliqulu xanı və sərkərdələri buraya çağır. Çox azlar çox çoxlara qalib olublar. Az olub şir olmaq çox olub tülkü olmaqdan məsləhətdir. (Cəfərqulu xan gedir.) Işin qabağa getməyi üçün, əvvəl, vacib dost qazanmaqdır. Bu da mümkündür, peşkəşlər verməklə və bir para lazım adamlarla keçmişdə olmuş ədavəti yaddan çıxartmaqla. Nə qədər düşmən zəif də olsa, əvvəl sülh təklifi lazımdır və sülhlə qurtaran ədavət, düşməni dost edə bilər. Mən camaatın qırılmağına heç vədə riza vermərəm. Amma vaxta ki, düşmən möhkəm durdu və ya camaat rugərdan oldu, mənim qəzəbimin intihası olmaz. Beşikdə mələr uşaqlaradək qırdırsam yenə ürəyim soyumaz. Cəfərqulu xan, Mustafa xan, Əli qulu xan və sərkərdələr daxil olurlar. Həzərat, sizə məlumdur, Qacardan qasid gəlib və mənim qardaşlarım Rzaqulu xan və Mürtəzaqulu xan başlarına qoşun yığıb, istəyirlər mənimlə dava etsinlər. İndi fikriniz nədir? Bizim qoşunumuz azdır, amma qeyrətimiz çoxdur. Əgər axıradək çalışacaqsıznız, açıq deyin, mən də öz təklifimi bilim. Cəfərquluxan (yeriyir qabağa). Qardaş, mən balaca vaxtımdan səninlə bir yerdə qəm yoldaşı olmuşam. Bizim ikimizi qəm yükünə cüt qoşub, boyunduruğun hər başını birimizin boynuna qoyublar. Atamızın qoşunu tərk olub balü pəri qırılandan sonra, bir yerdə Ədil şaha əsir olmuşuq. İndi də bu canı qoymuşam sənin yolunda. Nə qədər qolumda qüvvət var, qılınc vurmağa hazıram. Əgər cümlə qoşunum qırıla, ölüncə sənin yolunda tək dava eləyəcəyəm. Ağa Məhəmmədxan. Mərhəba, qardaşım! Gəl alnından öpüm. Allah səni məndən ayırmasın. (Cəfərqulu xanın alnından öpür.) Mustafaxan. Qardaş, doğrudur, Cəfərqulu hər barədə sənə məndən artıq ixlas göstərib. Bain-həmə mən də və mənim üstümdəki qoşun da, hamımız özümüzü sənə Qurban demişik. Ümidini Allaha bağla, inşallah, fəth bizlə olar. Əliquluxan. Qardaş, məni Allah təqrir tərəfdən mərhum edib. Mənim ürəyim sözlə doludur. Amma ürəyimdəki sözləri dillə demək qabiliyyəti məndə yoxdur. Mənim sənə olan ixlasımı və qoşunumun nə payədə sənin yolunda canından keçməyini dillə deməyi bacarmıram. İnşallah, dava vaxtı qardaşın Əliqulu xanı və onun qoşununu görərsən. Sərkərdələrdənbiri (qabağa yeriyib). Xan! Biz üç nəfər şəxs, hər birimiz Qacarın bir qəbiləsinin sərkərdəsi hesab olunuruq. Bizim babalarımız həmişə sizin mərhum babanız Fətəli xanın qulluğunda olublar. Bizim atalarımız sizin atanız mərhum Məhəmmədhüseyn xanla bir yerdə dava eləyiblər. Mənim atam şirazlı Kərim xanla dava eləyib, Məhəmmədhüseyn xanın qabağında özünü Qurban eləyib. Biz bu növ şəxslərin nəslindənik. Necə ki, ata-babalarımız sizin atanızın və babalarınızın qulluğunda çalışıblar, elə də özümüz və qoşunumuz sizlə bir yerdə ölənədək hazırıq. Ağa Məhəmməd xan. Həzərat, and olsun Məhəmmədhüseyn xanın qəbrinə və bu əziz qardaşlarımın canına, mən öz şəxsi qərəzim üçün çalışmıram. Mən İranın dərdindən ötrü çalışıram. Özünüz görürsünüz, məmləkət parça-paça olub, hər şəhərdə bir padşah əmələ gəlib. Gürcüstan valisi Irakli bir yandan Rusiya dövləti ilə irsal-mərsulə girib, istəyir müstəqil padşah olsun. Qarabağda İbrahim xan həmçinin İrandan ayrılmaq istəyir. Cavad xan gəncəli, Mustafa xan irəvanlı həmçinin. Məgər bunu Allah götürər? Görün boynuma nə ağır yük götürmüşəm. Sərkərdə. Allah gözəl niyyətin yarıdır. İnşallah, məramına çatarsınız və Qacar nəslinin adı salhasal tarixlərdə söylənər. Ağa Məhəmmədxan. İndi bir neçə kəlmə söz deməliyəm. Qulaq asın və cəmi qoşun əhlinə də yetirin. Ta hamı Qacar mənim ürəyimdən xəbərdar olsun. Sərkərdələr. Buyurun, xan. Ağa Məhəmmədxan. Budur ucadan deyirəm, ta mənim sözlərimi dünya eşitsin. Mən Ağa Məhəmməd xan Qacar, açıq və aydın, bu gündən məlum edirəm ki, hər kəslə İndiyədək ədavətim vardı, o ədavəti burada ürəyimdən çıxardıram. Heç kəslə və heç vaxt düşmənçilik etməyəcəyəm, ta düşmənçilik görməyəm. Ələlxüsus Qacar nəslindən hər kəslə keçmişdə ədavətim olub, burada yaddan çıxardıram. Mənim ata-babamı düşmən əlinə verib öldürməklərinə bais olanların və mənim özümün düşmən əlində bir halda şikəst olmağa bais olanların ki, ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxardıram. Mənim bu sözlərimi yazın mənim üstümə hücum edən qardaşlarıma və onların başına cəm olan qoşuna. Bilsinlər ki, davadan sonra yetim qalmış uşaqların ah və naləsi, dul qalmış övrətlərin bəd duası kimin üstünə töküləcək və Qacar nəsli dostu ilə düşmənini tanısın. Sərkərdə. Belə qəlbin sahibinin qabağında ölmək bir ləzzətdir. Cəfərquluxan. Qardaş, sənin bu sözlərin mənim ümidimi birə on artırdı. Əgər bu sözlər gedib bizim qardaşlarımızın və qoşunlarının qulağına yetişsə, yəqin elə ki, qoşunun əksəri bizə tərəf dönəcək. Mustafaxan. Qardaş, mən səni bu ürəyin sahibi bilmirdim. İndi yəqin etdim ki, mərdanə imişsən. Mərdanə qardaş qabağında yüz dəfə ölüb diriləsən, yenə azdır. (Sərkərdələrə) Həzərat, durmaq məqamı deyil, gedək, qoşunu hazırlayaq. Ağa Məhəmmədxan. Gedin, Allah yar olsun. (Cəfərqulu xan, Mustafa xan, Əliqulu xan və sərkərdələr gedirlər.) İlahi, parça-parça olmuş, neçə yerdən ölümcül yaralanmış İranı bəlalardan mühafizə elə. Pərdə İkinci məclis Mürtəzaqulu xan Qacarın çadırları. Pərdə qalxanda top-tüfəng səsi gəlir. Mürtəzaqulu xan (uca yerdən baxır.) Afərin, Qacar igidləri! Hər biri bir şir-jəyan tək dava edirlər. Axır mənim də bəxtimin çırağı yanacaq. Dörd ildir bu insana oxşamayan xacə, cahanı mənim başıma təng edib. Nə qədər qoşun qırılıb, camaat istitaətdən düşüb. Mustafa xan mən tərəfə keçib. Bir Cəfərqulu xanın köməyi ilə, Ağa Məhəmməd mənim müqabilimdə İndiyədək davam edib. Nə olardı, Allah Cəfərqulu xanın ürəyinə insaf salaydı, öz mənfəətini anlayıb Ağa Məhəmməddən əl çəkəydi. (Gurultu artır.) Vuruşun, qoçaqlarım! Vuruşun, şirlərim! Vuruşun, pələnglərim! Əgər İran ixtiyarı əlimə keçər, sizin sərkərdələrinizi və özünüzü dünya malından qəni edərəm. Amma əgər Ağa Məhəmməd əsir olub əlimə keçə, and olsun Allaha, ona bir elə tənbeh edəcəyəm ki, min baş kəsmiş cəllad ağlasın... Budur, bir atlı sürətlə gəlir. Görəsən, nə xəbərdir? Xudaya, sən xeyir elə... Atlının dalınca bir neçə atlı, bir nəfəri əhatə edib gətirirlər... İnşallah xeyirdir, inşallah xeyirdir. (Enir aşağı) Qasid (daxil olur.) Xan sağ olsun, müjdəmi ver! Mürtəzaquluxan. Tez ol, de görüm, nə xəbər gətiribsən? Qasid. Xan, Q u r b a n ın olum, nəfəsim gəlmir, belə Ağa Məhəmməd xan, Ağa Məhəmməd xan!.. Mürtəzaquluxan. Nə olub? Ağa Məhəmməd xanı öldürüblər nədir, de görüm? Qasid. Yox... Öldürməyiblər... Mürtəzaquluxan. Öldürməyiblər, bəs nə olub, niyə müjdə istəyirsən. Qasid. Əsir ediblər! Budur, qolu bağlı gətirirlər. Mürtəzaquluxan. İlahi, mərhəmətinə gündə min şükür! (Qasidə) Tut, bu sənin müjdən. (Bir kisə pul verir.) Buradan get fərraşbaşının yanına. Deginən sənin adını fərraşlar cümləsindən yazsın. Qasid. Allah xanın iltifatını artıq eləsin. (İstəyir getsin.) Mürtəzaquluxan. Dayan bir az, getmə! De görüm Cəfərqulu xan nə qayırır? Məgər dava etməkdən yorulmayıb? Qasid. Xeyir, xan. Biz belə güman elədik ki, Ağa Məhəmməd xanın əsir olmağı onun qol-qanadını qıracaq. Amma qardaşı tutulandan sonra Cəfərqulu xan ikiqat şiddətlə davaya girişdi. Əsirlərin nağıl etməklərinə görə Cəfərqulu xan deyir, əgər qılınc vura-vura gedib qardaşımı düşmən əlindən qurtarmasam, öz xəncərimlə özümü həlak edəcəyəm. Mürtəzaquluxan. Qulaq asma, naxoş öləndən qabaq işıq verər. Cəfərqulu xan haləti-nəzdədir. Inşallah, onu da qolu bağlı gətirərlər və o gələnədək də qardaşı barəsində təbdir olunar... Sən get. (Qasid baş əyib gedir.) Nə gözəl oldu! Inşallah, Cəfərqulu da qardaşının halətinə düşər və gəlib qardaşını ölmüş görər. Onda mən... ona buyuraram ki, əhdinə vəfa etsin, öz xəncəri ilə özünü öldürsün. Gözəl divandır! (Bir neçə nəfər, əzon cümlə Mustafa xan Ağa Məhəmməd xanı gətirirlər.) Qardaş! Xoş gördük. Eşidibsən: Hər on köhtər ki, ba mehtər sitizəd Çinan üftəd ki, hərgiz bər nəxizəd: Məgər bu gündən ötrü mənimlə dava edirdin? Məgər bu sifətlə padşahlıq arzusuna düşmüşdün? Heç bir aynaya baxıbsan? Məgər təxti-səltənət meymun yeridir? Sən bilirsən ki, padşaha züllüllahi-filərz deyirlər? Məgər Allah kölgəsi sənin tək olar? Sən yəqin edibsən ki, İranın nicatı Qacar əlindədir! Amma İndi öz halətinə bax. Qızmış şir tək dava edən qoşuna da bax, mənə də. Gör İranın nicatı hansı Qacar əlindədir. Ağa Məhəmmədxan. Qardaş, mən nə qədər səninlə dava edirdim, sənin düşmənin idim. İndi mən qolu bağlı əsirəm, məndən heç kəsə bu saat ziyan dəyməz. Ona görə mənə düşmən adı qoymaq olmaz. Əsir qonaqdır. Qonağa rişxənd etmək mərd sifəti deyil. Sən padşahlıq fikrinə düşübsən, amma namərd padşah ola bilməz. Məni öldürəcəksən, öldür. Amma nə qədər Cəfərqulunun qolu qılınc vurmaqdan yorulmayıb, padşahlıq fikrini yaddan çıxart. Mustafaxan (irəli yeriyir). Çox da sən qardaşın Cəfərquluya xatircəm olma. Sənin Cəfərqulu tək qardaşın varsa, Mürtəzaqulu xanın da mənim tək və Rzaqulu xan tək qardaşları var. Ölüncə vuruşmağa hazırıq. Necə ki, sənin vəhşi heyvan tək buraya gətirdim, elə də Cəfərqulunu burada görərsən. Böyüklə dalaşan kiçik elə yıxılır ki, heç bir vaxt ayağa qalxa bilməz. Ağa Məhəmmədxan. Bu sözləri mənə də çox deyibsən. Nə qədər mən səndə etibar gördüm, bir elə də Mürtəzaqulu xan görər. Mürtəzaqulu xan. Mustafa, qardaş, afərin sənə və sənin şücaətinə! Bu gətirdiyin heyvanın tənbihini sənə rücu edərəm. İstəyirsən gözlərini çıxart, istəyirsən başını kəsdir. Mustafaxan. Mən burada öz Allahımla əhd eləyirəm, gərək Cəfərqulu xanı da əsir edəm. Əvvəl bunun gözlərinin qabağında onun başını kəsəm və sonra bunun gözlərini çıxardam. Buna ondan böyük tənbih ola bilməz. Hər kişiyə Allah dünyada iki böyük nemət verib: biri onun kişiliyidir və biri də onun gözləri. Əvvəlinci nemətdən bunu Ədil şah məhrum edib, ikincisindən də mən məhrum edərəm. Ağa Məhəmmədxan. Hər nə edəcəksən et. Yazılan yazılıb. Mürtəzaquluxan. Səni bu halətdə görəndə mən yazılanı oxudum. Mustafaxan. Fərraş! Get kündə gətir və yaxşı təzə kündə. (Fərraş gedir.) Sən padşahsan, gərək sənin ayağına padşaha layiq kündə vurula. (Kündəni gətirirlər.) Salın bunun ayaqlarına. Kündənin tozunu silin, padşahın libası bulanmasın. Ağa Məhəmməd xanın ayaqlarını salırlar kündəyə. Qasid (daxil olur). Xan, nə durubsan, evimiz yıxıldı, qoşunumuzun yarısı tərk oldu! Yerdə qalanın bir hissəsi Cəfərqulu xan tərəfə keçdi və qalanı pərakəndə olub hərəsi bir yana qaçdı. Rzaqulu xan əsir olub, keçib Cəfərqulu xanın əlinə. Mürtəzaquluxan. Oğlan, nə danışırsan?! Deginən bu saat atları çəksinlər. Mustafa, qardaşım, qeyrət günüdür, gəl dalımca. İndi gərək mən özüm meydana çıxam, yoxsa axır günümüzdür! (Tez çıxır.) Mustafaxan. Bu əsiri burada saxlayın! (Öz-özünə.) Mən də atlanım, sonra fikir edərəm, qoşuna gedim, ya bir ayrı yerə. (Tez çıxır.) Ağa Məhəmmədxan. Pərvərdigara, səni öz cəlalına and verirəm, Cəfərqulunu tezliklə mənə salamat yetir. Şeypur səsi gəlir. Ağa Məhəmməd xanın qarovulları qaçırlar. Cəfərquluxan (sərkərdələrlə daxil olur). Pərvərdigara, sənə şükür, qardaşımı salamat tapdım! (Kündəni ayağından açır.) Qardaş, gəl qucaqlaşaq. Şükür olsun xudavəndi-aləmin cəlalına ki, dörd il əziyyət və məşəqqətdən sonra fəth bizlə oldu. İndi cəmi Qacar sənin ayağının altındadır. Bu dava cəmi Qacar nəslini bir adam tək eləyib və o adam da məxsusdur sən Ağa Məhəmməd xana. Camaat ittihadı ilə padşahlıq da edə bilərsən və mən də həmişə sənin qabağında nökər varam. Ağa Məhəmmədxan (Cəfərqulu xanın boynunu qucaqlayıb). Qolumun qüvvəti, belimin dayağı qardaşım! Allah səni mənə çox görməsin! Cəfərquluxan. Rzaqulu xanı buraya gətirin. Rzaqulu xanı gətirirlər. Ağa Məhəmmədxan. Rzaqulu! Sən nə cürət edib mənim müqabilimə qoşun çıxartdırdın, məgər bu gündən qorxmurdun? Mən sənə o tənbehi eləyəcəyəm ki, sənin adaşın Rzaqulu xan Mirzəyə oldu. Aparın, bunun iki gözlərini də çıxardın! Rzaqulu xanı aparırlar. Cəfərquluxan. Qardaş, buyur bu təllin üstünə çıx. Qoşun əhli səni ziyarət eləsin, yoxsa hamı səni ölmüş bilir. Ağa Məhəmmədxan. Əlbəttə lazımdır. Gəl, qardaş, dalımca. İkisi də çıxırlar təllin üstünə. Cəfərquluxan. Camaat! Budur sizin sərkərdəniz, xudavəndialəmin köməyi ilə sağ və salamat, gözünüzün qabağında. (Ağa Məhəmməd xana) Qardaş! Bir bu səhranı tutan qoşuna tamaşa elə. Düzlərdə otları, göydə ulduzları, meşələrdə ağacları sanamaq mümkündür, amma Qacar qoşununu sanamaq mümkün deyil. Bu qoşun hamısı mənim itaətimdədir və mən də sənin itaətində. Mən sənin qabağında İndiyədək dava eləmişəm və bundan sonra nə qədər qolumda qüvvət və sinəmdə nəfəs var, yenə bu qoşunla bir yerdə sənin uğrunda çalışmağa amadə varam. Mən Qacar nəslinin gözünün qabağında sənə ərəbi beyət eləmək istəyirəm. Ərəb bir vədə beyət eləyəndə ki, əlini verdi, yəqin vəfa eləyəcək. Mən də bu təllin üstündə bu sağ əlimi verirəm sənə. (Əl verir.) Bil və xatircəm ol ki, nə məndən və nə mənim qoşunumdan heç vədə sənə xəyanət olmayacaq. Ağa Məhəmmədxan. Mərhəba, qardaş! Mərhəba! Enirlər aşağı, bu halda bir sərkərdə bir neçə əsir gətirir. Cəfərquluxan. Bunlar nə əsirdirlər? Sərkərdə. Mürtəzaqulu xanın müqərrəb atlılarındandırlar. Onunla bir yerdə qaçırdılar. Qovduq, özünü tuta bilmədik, atlılarını ələ keçirtdik. Cəfərquluxan (əsirlərdən birinə). Bu saat de görüm, Mürtəzaqulu xan və Mustafa xan necə oldular? Vay sənin halına əgər yalan deyəsən! Amma doğrusunu desən, səni azad eləyəcəyəm. Əsir. Xan sağ olsun, elə ki bizim qoşun pərakəndə oldu və Rzaqulu xan əsir düşdü, o vədə Mürtəzaqulu xan bizlə bərabər atlanıb qoşunun içinə çapdı. Nə qədər qışqırdı, nərə vurdu, qoşun kar görə bilmədi. Axırda özü də atının başını çevirib qaçdı. Gərək Məşhəd tərəfə qaçmış olar. Ağa Məhəmmədxan. Bəs mənim namərd qardaşım Mustafa xan? Əsir. Mustafa xan axırda heç dava meydanında görünmədi. Belə danışdılar ki, qoşununu məğlub olmağını eşidən tək atını minib o qaçandır qaçır. Deyirmiş ki, Rusiya torpağına qaçacağam. Ağa Məhəmmədxan. Mən bu əsiri azad elədim açın qolunu. (Cəfərqulu xana) Qardaş, sənin dövlətindən cəmi Qacar birləşib. Bundan sonra fürsəti fövt eləmək lazım deyil. Gərək birləşmiş qoşunun gücü ilə üzümüzə bağlı yolları açaq. İsfəhan hökmdarı Əlimərdan xan ölüb və yerində oğlu qalıbdır ki, bişüurun biridir. Lazımdır qoşuna bir neçə vaxt rahatlıq verib, İsfəhan üstünə gedək, ta Farsistanı özümüzə tabe edək. Cəfərquluxan. Çox gözəl fikirdir. (Gülür.) Ümidvaram ki, Cəfər xan əvəzində Cəfərqulu xan əyləşə. Ağa Məhəmmədxan. Gözüm üstə... Qardaş, necə ki məlum oldu, dəxi Qacardan bizə düşmən qalmadı. İndi mən istəyirəm qoşun əhlinə İndiyədək ürəyimdə saxladığım axır sözümü deyim... Gəl, qardaş, təllin üstünə. Əliqulu, sən də gəl. Çıxırlar təllin üstünə. Cəfərquluxan. Camaat, xamuş olun, Ağa Məhəmməd xan söz demək istəyir. Ağa Məhəmmədxan. Ey buraya cəm olan Qacar qoşunları! Ey mənim qardaşlarım, dostlarım, əzizlərim və ey nəsli-Qacarın qəyur sərkərdələri, cavanları! Bilin və agah olun ki, bu gündən tarixi-Qacarinin əvvəl səhifəsinin bismillahı yazıldı. O bismillahı mən deyirəm və dalınca sizə məlum edirəm ki, mənim Ağa Məhəmməd şah Qacar, Maliki-bil-istiqlalikülli-məmaliki-məhruseyi-İran! Bu gündən haman səltənəti-İranı alıram əlimə və ümidvar oluram ki, bu qoşunun köməyi ilə Qacar nəsli həmişə təxti-səltənəti-İranini müzəyyən edə. Necə ki siz Qacar taifəsi birləşibsiniz, elə də sizin köməyinizlə parçaparça əllərdə qalmış İran, inşallah, birləşəcək. Allahın tövfiqinə və sizin köməyinizə bel bağlayıb, ağır yollara qədəm qoyuram. Cəfərquluxan (dizi üstə çökür). Qibleyi-aləm, əvvəl sənə beyət edən mən və məni istəyən qoşun! Əliquluxan. Qardaş, səltənətin mübarək olsun! Sərkərdələr (ucadan). Payəndə bad Ağa Məhəmməd şah Qacar! Qoşundan səs gəlir. Payəndə bad Ağa Məhəmməd şah Qacar! Pərdə Var olsun. * * * İkinci məclis Əhli-məclis AğaMəhəmmədşahQacar Cəfərquluxan Əliquluxan }onun qardaşları Hacıİbrahimxan – vəzir MirzəCəfərxan – eşik ağası ƏlifxanƏfşar Üç nəfər sərkərdə, qulam və fərraşlar Əvvəlinci məclis Tehran. Ağa Məhəmməd şah Qacarın evi. Şah təxt üstündə əyləşib, yanında vəzir Hacı İbrahim xan. Ağa Məhəmmədşah Qacar. Şükür olsun Allahın cəlalına ki, Farsistana qalib olduq. Mən bunu yəqin etmişdim ki, Əlimurad xanın oğlu Cəfər xan Qacar qoşunun qabağında davam edib İsfəhanda otura bilməyəcək. Belə də oldu və şükür olsun Allaha ki, İsfəhan torpağına davasız malik olduq. Bunu da bilginən, Hacı İbrahim xan, mən dəxi Mazandarana qayıtmayacağam. Mənim fikrim Tehranın qələsini möhkəmləşdirib, Tehranı həmişəlik, İsfəhan əvəzinə İrana paytaxt etməkdir. Tehranın köçəri türk tayfalarının yaxınlığında olmağı çox şərtdir. Mən bilirəm ki, buranın paytaxt olmağı həmişəlik farsla türk arasında ədavətə bais olacaq. Amma bu ədavət ancaq ürəkdə qalıb, nəticə verməyəcək, çünki mən farsları da, türkləri də lazımınca tanımışam. Hacı İbrahimxan. Qibleyi-aləm, belə deyirlər ki, Cəfər xan hərçənd İsfəhandan qaçıb, amma başına qoşun cəm etməyə məşğuldur. Ağa Məhəmmədşah Qacar. Fikir etmə, Hacı İbrahim xan, bunlar hamısı xəyali-xamdır. Fars firqələrinin sərkərdələri heç vədə Cəfər xanın baydağının altına gəlməzlər ta ondan bir kəramət görməyələr. Onlar hər biri bir iddiaya düşüb gözləyəcəklər ki, qacarlarla zəndilərin arasına bir qilüqal düşsün. Ta ortalığa girib məramlarına çatsınlar. Amma Əli xan Əfşar ki, böyük qoşunla gəlib Tehran ətrafında düşüb və padşahlıq arzusundadır, onunla dava çətin olacaq. (Mirzə Cəfər xan daxil olur.) Mirzə! Nə xəbərlə gəldin? Mirzə Cəfərxan. Qibleyi-aləm, budur, sübhdən İndiyədək göftgudur. Söhbət axır bu yerə yetdi ki, Əli xan Əfşar bizim hər bir təklifimizi mən etdi: – bizim aramızda kəskin qılıncdan və iti nizədən başqa vasitə ola bilməz, – deyib, öz qoşununa tərəf müraciət etdi. Ağa Məhəmmədşah Qacar. Qoşunlar ki, rubəru durublar? Mirzə Cəfərxan. Bəli, Qurban. Qacar qoşunu bir işarəyə məəttəldir ki, cəmi Əli xanın qoşununu bir türfətüleyndə nabud eləsin. Əli xan özündən çox müştəbihdir və onun qürurla danışıb getməyi sərkərdələri və ələlxüsus Əliqulu xanı halətdən çıxardıb. Hamısının hirsdən gözləri qızarıb. Təzə kəməndə keçmiş xam ərəb atı tək özlərini yeyirlər. Qibleyi-aləm, mən qoca Mirzə Cəfərin qeyrəti qəbul etmir ki, sən tək qəvi padşahın müqabilində Əli xan Əfşar tək adam cürət edib söz danışsın. Qibleyi-aləm! Izin ver qoşuna, qabaqca qılınc vuran mən qoca olaram. Ax, haradan alım Cəfərqulu xanı! Ağa Məhəmmədşah Qacar. Səbr et, Mirzə Cəfər xan. Sən tədbirli kişisən, belə danışıq sənə şayistə deyil. Hər bir düşmənin müqabilinə qoşunla getsən, axırda qoşunsuz qalarsan. Dava var qılıncla qurtarar, dava var dillə. Əvvəl dil, sonra qılınc qoşunu mənə lazımdır. Mən Əli xanla dava etməyəcəyəm. Gəl əyləş, kağız, qələm götür, mən nə desəm yaz. (Mirzə Cəfər xan əyləşib, kağız və qələm götürür.) Yaz: Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Əfşarın qəyur sərkərdələri ilə qoşunlarına! Əfşar qoşununun Qacar üstünə gəlməyini fikir etdikcə, mənim ürəyim qana dönür. Mənim səltənətimdən, cəlalımdan, şövkətimdən artıq İranın xoşbəxtliyidir. Amma iki türk tayfasının rubəru durub bir-birinin qanını tökməyi İranın tənəzzülünə səbəb olar və onun düşmənini ayaqlandırar. Mən heç mane deyiləm ki, Əfşar tayfası öz sərkərdələrinin təht-rəyasətində rahat dolanıb, özlərindən mənfəətbərdar olalar. Ancaq ürəkdən əfşarlarla qacarların birləşib ümumi düşmənin dəfinə çalışmaqlarını arzu edirəm. Qurtardın? Ver buraya. (Qol çəkir.) Bu kağızı götürüb çaparsan qoşuna, verərsən Əliqulu xana, deyərsən, sərkərdələrindən bir neçəsini götürsün, getsin. Əli xanın qoşununun müqabilində durub oxusun. Ümidvaram ki, bu kağız nəticə verə. Dayanma! Mirzə Cəfər xan gedir. Hacı İbrahimxan. Qibleyi-aləm, bu çox böyük təbdir idi ki, sizdən sadir oldu. Afərin belə tədbirə! Ağa Məhəmməd şah Qacar. Dünyada iki adam məni həlakətdən qurtarıb, biri qardaşım Cəfərqulu xan və biri də bu Mirzə Cəfər. Mən Kərim xanın yanında olan vaxt onun qardaşı Hüseynəli xan xahiş etmişdi ki, Mazandaran əhlini Kərim xanın üzünə ağ elətsin. Kərim xan mənə qoşun verib qardaşının müqabilinə göndərmək istəyirdi. Amma Mirzə Cəfər mane oldu. Məni göndərmədilər. Sən belə güman etmə ki, Mirzə Cəfərin mənə məhəbbəti var idi. Xeyr, onu vadar edən öz ağasına olan kəsrəti-ixlası idi. Mirzə Cəfər yəqin eləmişdi, əgər mən Mazandarana gəlsəm, yəqin Hüseynəli xanla birləşəcəyəm. Bunu da bil ki, əgər mən o vədə baş qovzasaydım, Kərim xanda o qədər zor var idi ki, məni az zamanda fövt edərdi. Odur ki, mən bu kişini əziz tuturam və özümə söz vermişəm ki, heç vədə Mirzə Cəfərin və onun xişü əqvamının üstündən nəzərimi kəsməyim. Hacı İbrahimxan. Qibleyi-aləm, səbəb nə oldu ki, siz Cəfərqulu xan tək pəhləvanın qəlbinə dəydiniz? Qəzəbiniz tutmasın qibleyi-aləm ki, belə cəsarət edib soruşuram. Siz ki, ona İsfəhan hökumətini vədə vermişdiniz, nə səbəbə Mazandarana göndərdiniz? Ağa Məhəmmədşah Qacar. Məsləhət belə oldu. Hacı İbrahimxan. Məgər İsfəhana ondan layiq hakim tapacaqsınız? Ağa Məhəmmədşah Qacar. Ondan layiq tapılmaz, ancaq burada bir sirr var ki, aça bilmirəm. Hacı İbrahimxan. Qibleyi-aləm, məgər mən sizin qəzəbinizə düçar olmuşam? Buyurun belə olan surətdə cəllad mənim boynumu vursun. Mən dəxi zindəganlıq eləmək istəmirəm. İndiyədək mən şahın mübarək ağzından belə ləfz eşitməmişdim. Siz bilirsiniz ki, bu sirri daşa deyəsiniz daş camaata danışa bilər, amma mən Hacı İbrahim daşdan möhkəməm. (Baş əyib çıxır.) Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim, deyəsən, incidi. Eybi yoxdur, könlünü alaram. Axır mən ona, necə deyim ki, Cəfərqulu xandan qorxuram. Mən o vədə şəkkə düşdüm ki, Baba xanı vəliəhd təyin edəndə əvvəl beyət edən Cəfərqulu xan oldu. Mən, doğrudur, ona İsfəhan hökumətini vədə vermişdim. Amma mən necə bu vədəyə əməl edim? Mənim nə qədər qoşunum var, hamısı Cəfərqulu xanı ata tək istəyir. Deyə bilərəm ki, qoşun onu məndən artıq istəyir. Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durquza bilər. Necə ki, mənim qolumdan tutub, təxti-səltənətdə əyləşdirdi, həmçinin qolumdan tutub, endirib özü əyləşə bilər. Mən necə ona, İran padşahlarının paytaxtı olmuş İsfəhanın hökumətini verim? Mən ona Mazandaran hökumətini vermişəm, gedib əyləşib orada, olub guşənişin. Nə hökumətə şüru eləyir, nə çağırıram gəlir, nə yazdığım kağızlara cavab verir. Bu da məni daha artıq təşvişə salıb. Cəfərqulu mənə ərəbi beyət eləyib, ola bilər ki, mənim üzümə ağ olmasın, amma mənim varisimə rahatlıq verməyəcək. Bu mənim yəqinİmdir. İndidən tədbir lazımdır: əlacivaqiə piş əz vüqu, bayəd kərd. (Cağırır.) Qulam. (Qulam girir.) Hacı İbrahim xanı buraya çağır. (Qulam çıxır.) Hacı İbrahim xan təbdirli vəzirdir, lazımlı vəzirdir. (Hacı İbrahim xan daxil olur.) Hacı, deyəsən məndən rəncidə xatir oldun? Hacı İbrahimxan. Qibleyi-aləm, mən nəkarəyəm, sizdən rəncidə xatir olmağı xəyalımdan da keçirə biləm. Mən hələ o mərtəbədə özümdən müştəbeh olmamışam. Ağa Məhəmmədşah Qacar. Sən çıxandan sonra mən fikir elədim. Həqiqət, mən Cəfərqulu xan haqqında zülm eləmişəm, onuntək qardaşın ürəyinə dəymək zəhi nainsaflıqdır. Mən indi öz əməlimdən peşman olub, qət etmişəm ki, Cəfərqulu xanı çağırıb, göndərim İsfəhana. Hacı İbrahimxan. Qibleyi-aləm, bağışlayın, yenə cəsarət eləyirəm. Siz indiyədək Cəfərqulu xana neçə sifarişlər edibsiniz, neçə kağız yazıbsınız, heç birisinə cavab verməyib. Qorxuram indi də gəlməyə. Ağa Məhəmmədşah Qacar. İndi mən onu ayrı yolla çağıraram. Mən bilirəm, Cəfərqulu xan anasının xatirini çox istəyir. Bu saat sən get Cəfərqulunun anasının yanına, deginən, şah ondan xahiş edir ki, özü zəhmət çəkib Mazandarana getsin. Əvvəl Cəfərqulu xana mənim dilimdən salam yetirsin və desin ki, mən öz əməlimdən peşman olub, onu İsfəhana hakim təyin etdim. Və mənim əziz qardaşımdan təvəqqe etsin ki, İsfəhandan qabaq Tehrana gəlsin, bir görüşək. Çünki könlüm onu çox istəyir və bir də İsfəhan barəsində bir para vacib məsələlərin müzakirəsi vacibdir. Hacı İbrahimxan. Bu tədbir İranın dəxi də tərəqqisinə bais olacaq. Mürəxxəs olur. (Çıxır.) Baş verə biləcək vaqiənin əlacını baş verməzdən əvvəl etmək lazımdır. Mirzə Cəfərxan (daxil olur). Qibleyi-aləm. Afərin tədbirə, necə ki, qibleyi-aləm hökm etmişdi, Əliqulu xan sərkərdələrdən iki nəfəri və məni götürüb yeridi Əli xanın qoşununa tərəf. Qoşununmüqabilində durub kağızı uca sövtlə oxudu. Kağız qurtaran tək Əlixanın sərkərdələri və qoşunu səs-səsə verib dedilər ki, Əliqulu xan,biz sənə tabeyik və nə qədər qəvi düşmən müqabilinə aparsan, baş və canla dalınca getməyə hazırıq. Amma qacarlarla biz dava etməyəcəyik. Əli xanın qolu boşaldı. İndi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ağa Məhəmmədşah Qacar. Deyinən buyursunlar. Mirzə Cəfərxançıxır. Əli xan Əfşar sərkərdələri ilə daxil olur. Əlixan Əfşar. Qibleyi-aləm, kamali-ixlas və iradə ilə mən vəmənim sərkərdələrim hüzuri-alidən əfv istəyirik. Biz böyük səhvdəimişik. Qibleyialəmin gözəl məktubunun məzmununu eşidəndən sonra səhvimizi anlayıb çox peşman olub gəlmişik. Mən, mənim ziri-dəstimdəolan sərkərdələr və qoşun, hamımız beyət edirik şahənşahi-İran Ağa Məhəmməd şah Qacara. Ağa Məhəmmədşah Qacar. Çox məmnunam səndən, Əli xan. Şükür olsun Allaha ki, iki böyük türk taifəsi bir-birinə əl verib, düşməni sərnigun elədi. (Çağırır.) Mirzə Cəfər xan! (Mirzə Cəfər xan daxil olur.) Əli xana və sərkərdələrinə mənzil ver. Necə ki, padşah qonağına şayistədir hörmət elə buyuruq ver ki, Əli xanın qoşununun hər iyirmi nəfərinə bir qoyun və bir kuzə şərab versinlər. Əli xan, get rahat ol. Sən bundan sonra mənim əzizimsən, əziz sərkərdəm olacaqsan. (Əli xan sərkərdələri ilə və Mirzə Cəfər gedirlər.) Bunun da ürəyi mənlə düzəlməz, ona görə dəfi vacibdir... Xudavəndi-aləmin fədiqüdrəti mənim üstümdədir. Böyük dhüşmənin şərrindən qurtardım, İndi qalıb bir para xırda baş qovzayanlar. İran bu saat qaynar qazandır. Məlumdur ki, su qaynayanda onun içindəki nalayiq şeylər üzə çıxıb köpük olar. Həmçinin İrana tabe bir para xanlar bu növdürlər. (Çağırır.) Qulam! (Qulam daxil olur.) Fərraşbaşıya deginən, bir adam göndərsin Əliqulu xanı buraya çağırsın. Qulam. Qibleyi-aləm, Əliqulu xan gəlib buradadır. Ağa Məhəmmədşah Qacar. Çağır gəlsin. (Qulam çıxır.) Deyirlər, Kirmanda Lütfullah xan baş qovzayır. Ona tənbih lazımdır. (Əliqulu xan daxil olur). Əliqulu! Gərək güclü qoşun götürüb gedəsən Kirmana. Lütfullah xanın qoşununu tərk edərsən. Əgər qaçıb gizlənsə, Kirmanda daşı daş üstündə qoymazsan. Qoca kişilərə, övrətlərə, südəmər uşaqlara, heç birisinə rəhm etməzsən. Gərək Kirman əhlinə bir divan tutasan ki, cəmi İran titrəsin. Lütfullah xanı və onun qövməqrəbasını ələ gətirib hamısını ya qırarsan, ya gözlərini çıxardarsan. Xatircəm oluram ki, tapşırdığıma dürüst əməl edəcəksən. Əliquluxan. Padşah hökmü Allah hökmüdür, borcluyam itaət edim. (Gedir. Hacı İbrahim xan daxil olur.) Ağa Məhəmməd şah Qacar. Necə oldu? Hacı İbrahimxan. Xanımı razı elədim, sabah yola düşür. Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim, dəxi dürüst xatircəm oldum, düşmənin qəvisini ələ gətirdim. Allahın köməkliyi ilə az keçər ki, İranda bir nəfərin adı çəkilər və o bir nəfər kimdir? Ağa Məhəmməd şah Qacar! Pərdə İkinci məclis Tehran. Ağa Məhəmməd şah Qacar öz bargahında əyləşib səndəl üstündə. Hacı İbrahim xan və Mirzə Cəfər xan durublar hüzurda. Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim xan! Əli xan nə işlə məşğuldur? Hacı İbrahimxan. Qibleyi-aləm, dünya yadından çıxıb, əyləşib mənzilində, qulluq əmrlərinə məşğuldur. Ağa Məhəmmədşah Qacar. Padşahlıq fikrindən əl götürüb, ya nə? Hacı İbrahimxan. Qibleyi-aləm, Əli xan məgər görmür ki, padşahlıq nə müşkül əmrdir? Gecə və gündüz gərək ancaq rəiyyət dərdi çəkəsən. Sair dövlətlərlə əlaqə fikrində olasan. Əli xan əyləşib qibleyi-aləmin sayəsində, rütbəsi gün-gündən artır, qoşun onun itaətində, dəxi o nə eləyəcək padşahlığı? Ağa Məhəmmədşah Qacar. Səhvdəsən, Hacı İbrahim xan! Bunu sən yəqin et ki, əgər Əli xanın sərkərdələri və qoşunu mənim məktubumu oxuyandan sonra ondan üz çevirməsə idilər, o gəlib itaət etməzdi. Belə itaət də sidqlə olmaz. Əli xanın ölənədək ürəyində ədavət çıxmayacaq, sən buna inan! Əli xan ölsə, onun sümükləri və qəbrinin torpağı də mənimlə ədavət eləyəcək. Yəqin bil, belədir. Hacı İbrahimxan. Qibleyi-aləm, yoxsa Əli xan barəsində bir fikriniz var? Ağa Məhəmmədşah Qacar. Mən gecələr yuxu yata bilmirəm və İranın iki düşməni var, onlar yox olmayınca yata da bilməyəcəyəm. Mən o yandan, bu yandan baş qovzayanları demirəm, mən onları düşmən hesab etmirəm. Mən İranın gələcək düşmənlərini deyirəm ki, gərək onların hamısı tərk olsun ki, ta öləndə xatircəm ölüm. O düşmənlərini biri Əli xandır və o birisi də bilirsən kİmdir. Naçarlıqdan itaətə gələn düşmənlə müdara etmək aqil iş deyil. Elə düşmənin bilmərrə kökünü kəsmək gərək. Qulam (daxil olur). Qibleyi-aləm, Əli xan gəlib fərmayişə müntəzirdir. Ağa Məhəmmədşah Qacar. Get, fərraşbaşıya deginən necə ki, buyurmuşam. Əli xanı elə rahat eləsinlər. Qulamçıxır. Şah qalxır ayağa, qapıya tərəf gəlir. Hacı İbrahim xan və Mirzə Cəfər bir-birinin üzünə baxırlar. Qapının dalından Əli xanın səsi gəlir: ay məlunlar! Nə qayırırsınız? Buraxın məni! Buraxın mənim qolumu! Ox, ox, ox!.. Ax, habelə ha, habelə ha! Oxay, canım dincəldi. (Mirzə Cəfər xana.) Mirzə Cəfər xan, çıx binagüzarlıq et, neçə gün Əli xanı bargahda saxlasınlar və bir şəxs onun gözlərinin çıxdığını bilməsin və əlavə binagüzarlıq edərsən Əli xanın qoşununun bir hissəsini azad eləsinlər və qalanını sair fövclərə paylasınlar. (Mirzə Cəfər xan çıxır.) İkinci düşmənim qalıb, o da bu gün cəzasına çatar. Ax, nə ağır yük imiş padşahlıq!.. Qulam (daxil olur.) Qibleyi-aləm, Kərim xan Şirazinin xalılarını və sümüklərini gətiriblər. Ağa Məhəmmədşah Qacar. Deginən içəri girsinlər! (Qulam gedir.) Böyük arzularımın birinə çatdım. (Xalıları və bir torba sümük gətirirlər.) Açın xalını! (Açırlar.) Çox gözəl xalılardır ha, Hacı İbrahim xan! Hacı İbrahimxan. Bəli, Qurban, çox gözəl xalılardır. Ağa Məhəmmədşah Qacar. Mən, qədim vaxt yadımdadır, Kərim xanla müqabil oturub dövlət işlərini müzakirə edəndə bir yandan ona gözəl tədbirlər tökərdim və bir yandan və ədavətin kəsrətindən xirqəmin altında bıçaq tutub bu xalıları doğrayardım. Əgər biləydim ki, bu xalılar axırda mənim olacaq, məgər mən bunları şikəst edərdim? (Fərraşlara.) Götürün xalıları və o sümükləri də aparın mənim yatacaq mənzilimin astanasında basdırın! (Fərraşlar gedirlər.) Hacı İbrahim xan, mən dünya ləzzətindən məhrumam. Göydə uçan quşlara, yerdə gəzən heyvanlara, torpaqda məskən tutan qarışqalara müyəssər olan ləzzət mən tək padşaha müyəssər deyil. Amma, hər sübh ki, yerimdən duranda ayaqlarımı Kərim xanın sümüklərinə basaram, ürəyimin yaraları yadımdan çıxar. Nadirin də sümükləri, inşallah gələr. Mirzə Cəfərxan (əlində kağız daxil olur). Qibleyi-aləm, Əliqulu xan Kirmandan kağız göndərib. Ağa Məhəmmədşah Qacar. Aç, oxu. Mirzə Cəfərxan (oxuyur). Əlahəzrət şahən-şahi-İran hüzurimübarəkliyinə ərz olsun: hökmi-hümayuni-şahanəyə əməl edib üç gün, üç gecə Kirmanı oda və qılınca verdirdim. Axırda Lütfullah xan və onun cəmi əqrəbası ələ keçdilər. Hökmi-şahanəyə görə hamısını öldürtdüm. Kirman əhli izhari-itaət edəndən sonra qoşunu götürüb Tehrana müraciət edirəm. Kəmtərini-əlahəzrət Əliqulu. Ağa Məhəmmədşah Qacar. Afərin, Əliqulu, xan! Kağız gətirənə, deginən, xələt versinlər! (Mirzə Cəfər çıxır.) Qulam! (Qulam daxil olur.) Sərkərdələr gəliblər? Qulam. Bəli, qibleyi-aləm, gəliblər. Ağa Məhəmmədşah Qacar. Deginən gəlsinlər. (Qulam çıxır, üç nəfər sərkərdə daxil olur.) Nə qədər qoşun hazır edibsiniz? Sərkərdə. Qibleyi-aləm, altmış min nəfər atlı və piyada qoşun hazırdır. Ağa Məhəmmədşah Qacar. İndi mən sizə məramımı deyim. Gürcüstan valisi qoca İrakli İranı şuriş tutmuş hesab edib, götürüb Rusiya imperatricəsinə yazıbdır ki, necə mənim atam və babalarım həmişə Osmanlı və İran padşahlarının itaətində olublar, mən özümün və övladımın tərəfindən Rusiya padşahlarına itaət edirəm. Əlbəttə, İran şahları qəbul etməzlər ki, Gürcüstan tək vilayət əldən getsin. Ona görə İrakliyə tənbih lazımdır. Həmçinin Mustafa xan Lənkərani Rusiya imperatriçəsinə təəbiyyət edibdir. Əlavə Şəki, Şirvan, İrəvan, Gəncə və Qarabağ xanları da növbənöv iddialara düşüblər. Mən bu qoşunu cəm etmişəm ki, bu baş qalxızan şəxslərin hamısına məqamlarını tanıdım. Mən sizin və qoşunun rəşadətinə xatircəməm. Sərkərdə. Qibleyi-aləm, baş və canla hazırıq. Ağa Məhəmmədşah Qacar. Qoşun üç dəstə olacaq. Bir dəstəsi Şəki və Dağıstan tərəfinə və bir dəstəsini də özüm götürüb Qarabağ üstünə aparacağam. Gərək Əliqulu xan Kirmandan qayıdan tək yola düşək. Gedin, öz işinizə məşğul olun. Qoşun əhlinə məndən salam yetirin. Sərkərdələr baş əyib çıxırlar. Qulam (daxil olur). Qibleyi-aləm, Cəfərqulu xan hüzuruna izin istəyir. Ağa Məhəmmədşah Qacar. Gəlsin, gəlsin. (Cəfərqulu xan daxil olub baş əyir.) Qardaş, yaxın gəl, bəs axşam Tehrana varid olub, İndi niyə mənim yanıma gəlirsən? Cəfərquluxan. Yornuq idim, qibleyi-aləm, əfv edəsən. Ağa Məhəmmədşah Qacar. Eybi yoxdur, qardaş, yaxın gəl. (Cəfərqulu xan gəlib dizi üstə çökür.) Mən sənin haqqında zülm eləmişəm, gərək keçəsən. (Alnından öpür.) Cəfərquluxan (qalxır ayağa). Qibleyi-aləm, mən nəkarəyəm, sən məndən üzr istəyirsən?! Mən sənin qulluğunda özümü kəmtərin bəndələrdən hesab edirəm. Ağa Məhəmmədşah Qacar. Qardaş, səbəb nə idi ki, İndiyədək sənə göndərdiyim kağızlara və sifarişlərə cavab vermirdin? Cəfərquluxan. Qibleyi-aləm, onu soruşma. Kiçiyin həmişə böyüyə bir ərki olar. Mən ərk bilmişəm. Yəqin yadındadır, Qacar fəthində İsfəhan hökumətini mənə vədə etdin?! Ağa Məhəmmədşah Qacar. Bəli, yadımdadır! Cəfərquluxan. Sonra ki, sən öz əhdinə vəfa etmədin və məni İsfəhan əvəzinə Mazandarana göndərdin, doğrusu, mənim ürəyim sındı. Mənə hökumətin artıq-əskikliyi təsir etmirdi. Amma məni qəmgin edən sənin, mənim tək yolunda canından və malından həmişə keçməyə hazır olan qardaşına etibar etməməyin idi. Mən sənə and içirəm ki, mən tək dəyanətli nökəri, cümlə İranı axtarsan tapa bilməzsən. Məni sən Mazandarana göndərmə, bir kəndə kəndxuda göndər, qapıda axırıncı fərraş elə, amma onu bil ki, mən etibarlı fərraşam. Sən heç soruşma ki, niyə sənin kağızlarına cavab vermirdim. Dübarə ərz edirəm, mən tərəfdən bir ərkdi. Amma, xudanəkərdə, sənə bir hadisə üz verəydi, yenə görərdin hamıdan qabaq düşmən müqabilində mən qardaşın dava eləyirəm. Ağa Məhəmmədşah Qacar. Mən onda səhv elədim ki, gileyə başladım və sən də nahaq giley elədin. Iki küsülü arasında barışıq o vədə möhkəm olar ki, heç bir tərəf keçmişi yadına salmaya. Əlini mənə ver, necə ki, sən Qacar davasında əlini mənə verib öz iradətini izhar elədin, mən də bundan sonra gün-gündən məhəbbətimin sənə artmağını vədə eləyirəm. Cəfərquluxan (şahın əlini öpür). Qibleyi-aləm, sən mənim böyüyümsən və mənim ixtiyarım sənin əlindədir. Məhəbbət də eləsən, qəzəb də göstərsən, hər barədə sahibi-ixtiyarsan. Ağa Məhəmmədşah Qacar. İndi, qardaş, mən səni göndərirəm İsfəhana. O İsfəhana ki, İndiyədək İran şahlarının paytaxtı olub. Gərək İsfəhan vilayətini elə dolandırasan, necə ki, Səfəvilər dolandırıblar. Gərək camaatla elə rəftar edəsən ki, keçmiş padşahlar yadından çıxsın. Hətta sənin ədalətin müqabilində Şah Abbas ədaləti gün müqabilində ulduzcan olsun. Təzə padşah köhnəni ədalətlə camaatın yadından çıxartdırmasa, onun səltənəti möhkəm olub getməz. Nadir rəftar edə bilmədi. Cəmaatı üzünə ağ elədi. Ruhaniləri özündən incitdi. O idi ki, özü də fənaya getdi. Oğlu da pis oldu. Rəiyyət məhəbbəti qazanmaq padşahlığın ilk vəzifəsidir. Rəiyyət çü bixəst, sultan dirəxt, Dirəxt, ey pəsər, başəd əz bix səxt. İndi, qardaş, səni göndərirəm İsfəhana, nəsihətim dürüst qulağında qalsın. Cəfərquluxan. Qibleyi-aləmin nəsihəti, əlbəttə, qulağıma doldu. Amma mən də bir neçə söz deyim. Mən əhd eləyirəm ki, İsfəhanı elə dolandıram ki, nəinki Şah Abbas, bəlkə Şah Səfidən indiyədək gəlib-getmiş padşahlar hamısı camaatın yadından çıxsın. Ancaq dillərdə tək bir ad söylənilsin: Ağa Məhəmməd şah Qacar! Mən əhd eləyirəm ki, İsfəhan camaatını bir məqama yetirim ki, Ağa Məhəmməd şah adı gələndə, zükurən, ünasən hamısı ayağa qalxıb, onun adına səcdə eləsinlər. Nəinki qorxudan, xeyr, kəsrəti məhəbbətdən! Əhd eləyirəm ki, cəmi Farsistanı bir məqama gətirəm ki, bundan sonra gələn Qacar şahlarını atalarından artıq istəsinlər. Qibleyi-aləm, mənim bu əhdimin nəticəsini, inşallah, tezliklə görərsən. Padşah ağacdır, rəiyyət onun kökü, ey oğul, ağac kökü üstündə möhkəm dayanar. Ağa Məhəmmədşah Qacar. Qardaş, sözünə inanıram. Təzə mənsəbin mübarək olsun! Hacı İbrahimxan. Cənabi-Vala, təzə mənsəbiniz mübarək! Xudavəndi-aləm siz qardaşı, əlahəzrət şahənşahdan ayırmasın! Ağa Məhəmmədşah Qacar. Amin! Di, qardaş, bir keç tamaşa elə, gör sən gedəndən sonra nə gözəl otaqlar tikdirmişəm və özünü də, doğrusu, qoymayacağam bargahdan çıxasan. Gərək bir neçə gün burada qalasan, ta səninlə bir doyunca söhbət eləyim. Cəfərquluxan. Qibleyi-aləm, təvəqqe edirəm ki, izin verəsən, sabah yola düşüm. Ağa Məhəmmədşah Qacar. Özün bil, qardaş, istəyirsən bu gün get. Mane deyiləm. Di get otaqlara tamaşa elə. Cəfərqulu xan baş əyib, sağ tərəfə, otağa keçir. Qapının arasında bir nəfər gizlənmiş şəxs onun ürəyinə xəncər sancır. Cəfərquluxan (arxadan). Of... Namərd qardaş! (Əli ürəyində dalı-dalı gəlib otağın ortasında yıxılır.) Hacı İbrahimxan. Bu nə iş idi? Ağa Məhəmmədşah Qacar (ağlayır). Dayan, Hacı İbrahim xan! Mən bədbəxtin, mən birəhmin hökmünə əncam oldu. Nə yaman iş gördüm! Öz belimi sındırdım! Bilirsən, Hacı İbrahim xan, əlacım yox idi. And olsun Məhəmmədhüseyn xanın qəbrinə, o nəcib ruh ki, bu nəcib bədəni mühəyya eləmişdi, bir dəqiqə səltənət tacını mənim varisimin başında rahat qoymayacaqdı. Qoy mənim varisimgörsün ki, gözümün işığı, məni həlakətdən qurtaran, məni İran təxti-səltənətinə əyləşdirən qardaşımı onun ayağının altında Qurban kəsirəm ki, onun səltənəti salamat olsun və gələcəkdə İran parçalanmasın. Götürün bu binəvanın bədəni. Pərdənin dalından iki nəfər gəlib Cəfərqulu xanın bədəninini götürürlər. Hacı İbrahimxan. Qibleyi-aləm, bu işə camaat nə deyəcək, qoşun nə növ baxacaq? Ağa Məhəmmədşah Qacar. Gərək ki, bir zinəfəs bunun ölməyinin səbəbini bilməyə. Qoy camaat bunu İsfəhana getmiş bilsin. Sonra bilsə də eyib eləməz. İndi deyə bilərəm ki, Qacar nəsli həmişəlik İranda salamat padşahlıq edəcək. Pərdə * * * Üçüncü məclis Əhli-məclis AğaMəhəmmədşahQacar İkinciIrakli – Gürcüstan padşahı Yuhan – onun nəvəsi, şahzadə TavadAmilaxvari – katib, sərkərdə. TavadOrbeliani TavadMuxrani TavadKeyxosrovAveliani }gürcü sərkərdələri TavadÇavçavadze TavadMaçabeli TavadSereteli – İmeretiya qoşununun sərkərdəsi Sadıqxan – İran atlı qoşunun sərkərdəsi Sərkərdələr, elçilər, pişxidmət və qoşun adamları Əvvəlinci məclis Tiflis. İkinci İraklinin bargahı. Irakli əyləşib səndəl üstündə, yanında sərkərdələr və katib. İkinci İrakli. Həzərat! Gürcüstanın başı üstündə qara buludlar oynaşır. Nadir şahın xacəsi Ağa Məhəmməd özünə şah adı qoyub, bizlə İbrahim xan Qarabaği arasında olan ittifaqnaməni bəhanə tutub, Qarabağa hücum edib. Mən də, necə ki sizə məlumdur, öz oğlum Aleksandrı qoşunla İbrahim xanın köməyinə göndərdim. Allahın köməyi ilə qoşun birləşib, Ağa Məhəmmədin hücumunu dəf ediblər. İndi Ağa Məhəmməd çəkilib oturub Xatun arxında və bizim əlimizə keçən kağıza görə, istəyir Qarabağın ətrafında bir qədər qoşun qoyub, bizim üstümüzə gəlsin. (Katibə) Tavad, Ağa Məhəmmədin qardaşı Əliquluya yazdığı kağızı oxu, camaat qulaq assın. Tavad Amilaxvari (oxuyur). Yazıb sənə məlum edirəm ki, hərçənd İran qoşununun hücumlarından Qarabağın camaatı və qoşunu bilmərrə zəifləşib, bain-həmə bu qış Qarabağda dava etməyəcəyəm. Süleyman xanı iyirmi min qoşunla burada qoyub, qalan qoşunumuzla özüm gedəcəyəm Tiflisə. Ona binaən, yazıb müqərrər edirəm ki, İrəvanın ətrafında dörd min qoşun qoyub, qalan qoşunu hazırda saxlayıb mənim hökmümə müntəzir olasan, ta hökm sənə çatan tək bilatəxir qoşunu mənə yetirərsən və əgər İrəvan xanı öz övrətini və oğlunu girov versə, Irəvandan bilmərrə qoşunu götürəsən. İkinci İrakli. Bu kağız bu gün gərək bir mötəbər qasiddən göndərilə qraf Qudoviçə və bizə lazımdır qoşun tədarükündə olmaq. Tiflisin camaatına xəbər edərsiniz şəhərin ətrafının möhkəmlənməyi barəsində tədbir etsinlər. Ağa Məhəmməd Tehranda ikən Gürcüstan üstünə gəlmək fikrinə düşəndə mən əhvalatı bilib, knyaz Potyomkinə yazmışdım imperatriçədən təvəqqe etsin ki, lazım olan vaxt bizə üç min qoşun köməkliyi etsin. Bu barədə mənim övrətim də imperatriçənin özünə kağız yazıb. Imperatriçə təvəqqemizi qəbul edib, buyurubdur ki, kömək məsələsi barəsində dövlət şurası rəy versin. Dövlət şurası bu növ rəy verib. (Kağızı mizin üstündən götürüb verir katibə.) Oxu! Tavad Amilaxvari (oxuyur). Min yeddi yüz doxsan üçüncü ildə may ayının otuzunda dövləti-əliyyeyi-Rusiyanın şurası əlahəzrət imperatriçeyi-küll-Rusiyanın fərmanına itaət edib, Gürcüstan padşahı İkinci Iraklinin qoşun köməyi istəməyi barəsində məsləhət edib, bu növ qət etdi: Iraklinin Rusiya dövlətinin təht-himayəsində olmağına görə və Ağa Məhəmməd xanın gün-gündən güclənib Gürcüstan üstünə yeriməklə Rusiya dövlətinə ziddiyyət göstərməyinə görə, qraf Qudoviçə hökm olunsun ki, Ağa Məhəmməd xanın Gürcüstan üstünə gəlmək məramı yəqin olsa, İrakliyə kömək verməyi vədə etsin. İkinci Irakli. İndi həzərat, iş bu məqamdadır. Düşmən yaxınlaşıb. Necə ki, bizim əlimizə keçən kağızdan məlum oldu, payız düşən tək, yəni biriki həftədən sonra Tiflisə gələcək. Rusiya dövləti bişəkk kömək göndərəcək. Əlavə, İmeretiya padşahı Solomona mən yazmışam ki, Gürcüstanla onun arasında min yeddi yüz doxsanıncı ildə bağlanan ittifaqnaməyə görə, buraya qoşun göndərsin. Cavabında yazırdı ki, Tavad Zöhrab Sereteli güclü qoşunla rəvanə olub. Bu günlərdə, yaxud bu gün varid olar. Camaata məlum edin, onun istiqbalına çıxıb, artıq hörmət eləsinlər. (Gedir.) Tavad Orbeliani (birinci sərkərdə). Heç ürək qısmaq lazım deyil, Allah kərİmdir. Qoy Ağa Məhəmməd Tiflisin yaxınlığına gəlsin, görərsən necə peşman edərlər... Gedim, padşahın əmrinə görə, şəhərdə binagüzarlıq edim. (Gedir.) Tavad Muxrani (ikinci sərkərdə). Tiflis camaatı bu saat qızmış şirə dönüb, beş Ağa Məhəmməd xan gələ, qabağına çıxmağa hazırdırlar. Tavad Keyxosrov Aveliani (üçüncü sərkərdə). Doğrudur, İranın qoşunu Rəşiddir, amma çətini odur ki, bir dəfə oxları daşa toxunsun. O saat görərsən qayıdıb qaçdılar. Tavad Çavçavadze (dördüncü sərkərdə) Şəhərimiz möhkəmdir. İnşallah, biz az da möhkəmləşər və camaatımız da pəhləvandır. Bundan əlavə, ümidvaram ki, padşahın oğlanları hər biri Gürcüstanın igidlərindən min nəfər gətirsin. Şəkk yoxdur ki, İranın qoşununu murümələx tək dağıdacağıq. (Top atılır). Bu nə top səsidir? Tavad Muxrani (pəncərədən baxır). Gözlərimiz aydın olsun, dəxi Gürcüstana ölüm yoxdur! Bir gəlin pəncərədən baxın, görün nə görərsiniz. (Sərkərdələr gəlib baxırlar.) İmeretiya qoşunu dünyanı tutub. Qabaqda Zöhrab Sereteli şiri-jəyan tək gəlir. Toplar şadlıq topudur! Tavad Keyxosrov Aveliani. Bəh, bəh, bəh!.. Afərin belə qoşuna! Afərin bu gözəl oğlanlara. Hər biri on adama müqabil durarlar. Camaat necə qabağa gedir, hər kəsin əlində bir məta var. Kimisi çörək aparır, kimisi şərab aparır, kimisi mal-qoyun aparır. (Top atılır.) Nərildəyin, Gürcüstanın topları! Titrədin, zəmin və asimanı! Nə olardı, Ağa Məhəmməd xan bu cəlalı görəydi! Yəqin qorxudan qaçağı Tehranda bənd alardı. Tavad Çavçavadze. İnşallah, elə də olacaq. Məgər bir belə qoşunun müqabilində Ağa Məhəmməd xan dayana bilər?! Allahın köməkliyi ilə Gürcüstanın hünərli qoşunu ona sübut edər ki, padşahlıq iddiasına düşməkdə özündən xeyli müştəbihdir. Onun yeri həmişə qapı ağzında olub, yenə orada olar. Tavad Muxrani. Görəsən, qoşun nə qədər olar? Tavad Çavçavadze. Mənim gözümə görünən, gərək on mindən az olmaya. Tavad Muxrani. Mən də belə güman edirəm. Şeypur səsi gəlir. Tavad Sereteli (daxil olur). Gürcüstanın qəyur sərkərdələrinə salam olsun! Sərkərdələr. Xoş gəlibsiniz, Tavad! Allah sizin qədəminizi xeyir eləsin! Tavad Sereteli. İnşallah, xeyir olar. Gürcüstana səkkiz min oğlan gətirmişəm. Hər biri yüz qan əvəzi və hamısı vətən yolunda canından keçmiş. İkinci İrakli (daxil olur). Əziz qardaşım İmeretiya padşahı Solomonun qəyur qoşununu və onun qəyur sərkərdəsi Tavad Seretelini təbrik edirəm! Tavad Sereteli. İmeretiya padşahının duasını hüzuripadşahayetirməkdə özümü xoşbəxt hesab edirəm! (Dizi üstə çöküb kağız verir). İkinci İrakli (oxuyur). Əziz qardaşım Gürcüstan padşahı İkinci İrakliyə salam yetirirəm! Bəd, vətənə üzü verən hadisəni eşidib, Gürcüstana tərəf yaxınlaşmaqda olan ittifaqnaməyə əmələ edib, İmeretiya qoçaq atlılarından bir qədər Tavad Zöhrab Seretelinin təhtirəyasətinə verib göndərdim ixtiyarınıza. Ümidvaram ki, Gürcüstanın, İmeretiyanın və bizim sair qonşumuz xanların qoşunu birləşib bu gələn bəlanı tezliklə dəf edə. Sizin qardaşınız Solomon. (Katibə) Tavad, bir yaxşı Rizaməndlik kağızı mənim əziz qardaşım İmeretiya padşahı Solomona yazarsan. (Gəlib baş əyib gedir.) Sən də, Tavad, get rahat ol, qoşun da bir neçə gün rahat olsun. Tavad Sereteli. Mən o vaxt rahat olaram ki, cəmi Gürcüstan rahatlaşa. Pişxidmət (daxil olur). Gəncədən, ağa Məhəmməd şah tərəfindən elçi gəlib, izin istəyir. İkinci İrakli. Bu nə deyir? Bu xəbər yaxşı olmadı! Belə olan surətdə bir həftəyədək Tiflisdə ola bilər. (Pişxidmətə) Elçiyə deginən gəlsin. (Pişxidmət çıxır.) Ağa Məhəmməd şah!.. Bihəyalığa bax!.. Sadıq xan elçi sifətində daxil olub, baş əyir, kağızı verir. Sadıqxan. Əlahəzrət şahənşah tərəfindən bu məktubu vali xidmətinə gətirmişəm. İkinci İrakli (kağızı verir sərkərdəyə). Oxu! Tavad Amilaxvari (oxuyur). Şahənşahi-İran Ağa Məhəmməd şah Qacar tərəfindən Gürcüstan valisi İkinci İrakliyə. Necə ki sənə məlumdur, Gürcüstan valiləri İndiyədək İran şahlarının təhtihimayəsində olub, şahlar tərəfindən həmişə lütfü mərhəmət və izzət görüblər. İran şahlarının sayəsində Gürcüstan həmişə salamat və camaatı kamal-asayişlə dolanıblar. Səbəb nədir ki, sən İrakli bizim sayəyimərhəmətimizdən qaçırsan? Hətta İrəvan, Gəncə və Qarabağ xanları ilə bizim əleyhimizə ittifaqnamələr bağlayırsan? Məlum olsun ki, İrəvan və Gəncə xanları cəmi qoşunları ilə mənə beyət elədilər. Qarabağı bir halətə salmışam ki, camaatı yeməyə çörək tapmır. Bunu yazmaqda qəsdim sənə bunu bildirməkdir ki, sən heç bir yerdən köməyə ümidvar olmayıb, necə ki ata və babaların İran şahlarına itaət ediblər, elə də sən İrakli, mən Ağa Məhəmməd şah Qacara beyət elə ki, ta sən və sənin camaatın həmişə fəlahətdə olub, mənim iltifatıma nail olasınız. Əgər bu təklifi qəbul etməyəsən biləsən ki, Gürcüstanın başına hər nə müsibət gəlsə, hamısına bais olan sən İrakli olacaqsan. Çünki mən səksən min qoşunla Gürcüstana qonaq gəlirəm. İkinci İrakli (kağızı alır, sonra elçiyə). Get, öz şahına deginən, çox da öz zoruna məğrur olmasın! Nəinki səksən min, bəlkə yüz səksən minlə gələ, yenə ona beyət eləməyəcəyəm. Mən dalımı Rusiya tək möhkəm dağa söykəyib onunla söhbət eləyəcəyəm. Buyura bilər... Sadıqxan. Mürəxxəs olum...Vali sağ olsun! Qorxuram dalınızı söykədiyiniz şimal dağı buzdan olub məşriqdən çıxan günün hərarətinə davam etməyə. İkinci Irakli (ayağa qalxıb). Get, hər nə dedim öz şahına yetir. Xoş gəldin. (Elçi çıxır.) Siz Allah, bir rövşən dünyaya tamaşa edin. Dünənki xacə, Kərim xanın pişxidməti padşahlıq arzusuna düşüb Keyxosrov, Keykavus məsnədində əyləşib, Gürcüstan padşahının adını vali qoyub, ona hökm yazır, hökm!.. (Ağa Məhəmməd şahın kağızını cırır.) Tarmar olasan sən, ey çərxigərdun! Qara yas libasına dönsün sənin buludların! Gurultun cəlalları pozulmuş, şövkətlərindən düşmüş bədbəxt hökmranların ciyər sədalarına bənzəsin! Bərqin Tehranla Qarabağın arasında xacə istibdadından düzlərə dağılan yetimlərin ahının şöləsi olub, səni yandırıb puç etsin! Puç, puç!.. Ey insafsız, mürüvvətsiz fələk!.. Baranın minlərlə günahsız qırılmış balalar və qardaşlar üstündə tökülən anaların, bacıların göz yaşlarına dönsün! Ulduzlarının hər biri bir sağalmaz yara olub, sənin namərd bədənini əridib yox eləsin! İnsafa gəl, ey biinsaf fələk! Gözlərini bir aç, ey kor fələk! Gör dünyada nə qəhti-ədalət törədibsən! Rəva deyil ki, gədalar padşah mərtəbəsinə çatıb, padşahlara fərman yazalar! Bax, belə fərman, belə fərman! (Ağa Məhəmməd şahın kağızının parçalarını tapdalayır.) Tavad Sereteli (irəli yeriyir). Padşah sağ olsun, darıxdırmayın ürəyinizi, sizin bu səngərdə hirslənməyin sizə ziyanı var. Allah kərimdir, ümidini Allaha bağla. İkinci Irakli. Əlbəttə, Gürcüstanın Allahı böyükdür. Heç vədə qəbul etməz ki, Gürcüstanın övrətləri, uşaqları dübarə İran qoşununun qabağında pay-piyada qoyun sürüsü tək İsfəhana gedə. Mənim əvvəl ümidim Allahadır, sonra qoşuna. Öz oğlanlarımı və bir qoca canımı vətənə Qurban demişəm. Qeyrət yeridir, həzərat! Namus yeridir! Namus! Namus! (Bihalət yıxılır səndəlin üstünə.) Pərdə İkinci məclis Tiflisin ətrafı. Pərdə qalxanda bərk top-tüfəng səsi gəlir. İkinci İrakli uca yerdə durub, yanında Tavad Amilaxvari, Tavad Maçabeli və üç ayrı sərkərdə. İkinci Irakli. Qoşun şir tək dava eləyir. Tiflisin yolunu oğlum David kəsib və onun toplarının nərəsinin müqabilində Ağa Məhəmməd iki gətirdiyi qoşunca qoşun gətirsə, davam edə bilməz. Qoşunun yasarında Tavad Muxrani deyəsən acizlik göstərir. Bu saat bir adam getsin, ona yetirsin ki, möhkəm dursun. Sərkərdələrdən biri gedir. Tavad Amilaxvari. Padşah sağ olsun, biz qoşunu üç dəstə etmişik. İranın qoşunu on dörd dəstə olub. İkinci Irakli. Gürcüstan qoşunu hamısı canından keçib. Canından keçmiş qoşunun müqabilində İran qoşunu hər neçə dəstə olsa, davam edə bilməyəcək. Ələlxüsus Sereteli səkkiz min qoşunu ilə dalda durub, hər anda özünü köməyə yetirməyə hazırdır. Tavad Amilaxvari. Padşah sağ olsun! Bir söz demək istəyirəm. Amma dilim gəlmir. İkinci Irakli. Nə olub? De görüm! Tavad Amilaxvari. Solomon padşah bizə xəyanət edib. İkinci Irakli. Necə, xəyanət? Tavad Amilaxvari. Göndərdiyi qoşun cümlətanı iki min adammış. Tavad Sereteli qoşunu topa-topa edib düzlərə dağıdıb imiş ki, çox görünsün. Bu gecə özü də, qoşunu da çıxıb qaçıblar və yollarda da hər nə kənd-kəsək görüblər, hamısını soyub, xaraba qoyub ötüblər. İkinci Irakli. Ay namərd insan! Allah bu davadan məni salamat qurtarsın, əvəzində yaxşı qulluq edərəm. (Sərkərdəyə) Tavad Maçabeli, dayanma, min atını, çap qoşunun başından ayağına, hamıya ürək ver! Deginən ki, Gürcüstanın ümidi bir Allahadır, bir də öz gücünə. Qoşun ürəklə dava eləsin. (Maçabeli gedir.) Ey bivəfa Solomon! Tavad Amilaxvari. Padşah sağ olsun, bir qoşunun qabağına bax, gör sənin nəvən Yuhan nə rəşadət göstərir. Bu rəşadətin axırı, inşallah, fəthdir. İkinci Irakli (ucadan). Qoçaq balam, möhkəm dur! Qorxma, Allahın əli bizim üstümüzdədir! Afərin, Yuhan! Tavad Amilaxvari! İranın üç bayrağı ələ keçdi, budur gətirirlər. Ay sənə Qurban olum, Yuhan! Amma qoşun, deyəsən, zor eləyir. Şahzadə Daviə bir atlı göndər, desin topların bir neçəsini dağın başına çəkib, İranlıları təngləşdirsin. Tavad Amilaxvari. Padşah, dağın başına dürüst nəzər yetir. Şahzadə Davidin beş topu orada guruldayır. Tavad Maçabeli (üç bayraq gətirir). Şahzadə Yuhan tərəfindən padşahın xaki-payinə bu üç İran bayraqlarını yıxıram. İnşallah, İran qoşununun hamısı bu bayraqlar tək sənin xaki-payinə yıxılacaq. Orbeliani (bir nəfər qoşun əhli özünü yetirir). Padşah sağ olsun, evimiz yıxıldı. Ağa Məhəmməd xan tərəfindən hökm oldu, on iki min Mazandaran atlısı hücum elədi. Bir bax, gör qoşun necə pərakəndə olub dağılır. İkinci Irakli (ucadan). Ey mənim öz ziri-dəstimdən olan qoşun, nə durubsunuz? Vətən namusu əldən getdi! Vurun özünüzü qabağa! (Qılıncı çəkib enir.) Tavad Amilaxvari (İraklini saxlayıb). Padşah sağ olsun, dayan! Doğrudur, qoşunumuz basıldı, padşahzadələr əhatə olunub, amma cəmi rəiyyət sənin rəşadətinə bələddir və hamı bilir ki, sən vətən, millət yolunda ölməyi xoşbəxtlik hesab edirsən. Bir belə bədbəxtliyin müqabilində ki, vətənə üz verib, sən də öz ölməyinlə vətənin qəmini artırma! Sənin vücudun vətənə, millətə lazımdır. İkinci Irakli. Millət əldən gedəndən sonra, mənim vücudumun qalmağının faydası yoxdur. (Özünü vurur qoşuna, sərkərdə dalınca.) Yuhan (gəlib təllin üstünə çıxır). Bəs babam necə oldu? Yoxsa onu da öldürdülər? Bu nədir görürəm? Deyəsən babamı İranlılar əhatə edib, tutmaq istəyirlər! Qoymaram tutalar! Gərək mənim üstümdə qalan üç yüz qoşun da yox ola ki, babam əsir ola! (Nərə vurur.) Ey mənim qardaşlarım! Padşah əsir olur, qoymayın! (Qılınc çəkir, təllin üstündən enib gedir, top-tüfəng səsi ucalır. Bir azdan sonra Yuhan Iraklini gətirir). Baba, yaralanmayıbsan ki? İkinci Irakli. Yox, bala, yaralanmamışam. Niyə qoymadın məni öldürələr, vətəni bu halətdə görməyim?! Yuhan. Yox, baba, nə qədər vətənin nəfəsi var, sən ona lazımsan! İkinci Irakli. Təbil vurun, qoşun çəkilsin! Davidə xəbər verin nahaq yerə güllələrini sərf etməsin. Topları götürsün, çəkilsin dağlara. Tiflis əhalisinin hamısına xəbər edin ki, durmayıb hər nə maehtacları var, götürüb şəhərdən çıxsınlar. Ax, namərd dünya! Namərd Solomon! Gedirlər. İranın qoşunu səhnədən ötür. Ağa Məhəmməd şah Qacar yanında bir neçə sərkərdə gəlib, çıxır təllin üstünə. Ağa Məhəmmədşah Qacar. Afərin Gürcüstan qoşununa! And olsun Məhəmmədhüseynxanın qəbrinə, bir belə dava etmişəm, bu rəşadətlə dava edən düşmən görməmişəm! Afərin! Ey İranın qəyur qoşunu, daha sizin vəzifəniz qurtarır. Vurun özünüzü Gürcüstanın paytaxtı gözəl Tiflisə. Zirüzəbər edib, gərək daşı daş üstündə qoymayasınız. Gərək bu gün Gürcüstana məhşər gününün nümunəsini göstərəm. Üç gün qoşuna qarət izni verirəm. Amma, məbadə kəlisalara əl vurasınız... Kəlisa Allahın evidir, ehtiramı – müsəlmana vacibdir. Övrət, uşaq hər nə ələ keçsə əsir edərsiniz. Qocaları qılıncdan keçirərsiniz! (Sərkərdəyə) Sadıq xan, binagüzarlıq bu gün səninlədir. Gərək sən girəsən şəhərin içinə. Sadıqxan. Baş üstə, qibleyi-aləm! Ağa Məhəmmədşah Qacar. Ələ keçən əsirlərin hamısını itaətə gələn xanlara bağışlayacağam ki, satıb pullarını xəzinələrinə qoyub, mənim iltifatımı görsünlər. Qoşunun dal tərəfi salamatdır. Cəmi qoşunu, hər nə var, doldurun Tiflisə, dörd tərəfdən od vursunlar. Dayanma, Sadıq xan, get. (Sadıq xan gedir.) Qoy Irakli və cəmi Gürcüstan İranın qüdrətini görsünlər. Gərək İraklini bir halətə salam ki, gəlib mənim ayağıma sürünə. Gərək Gürcüstana bir divan tutam ki, onun ancaq bir adı dünyada qalsın. (Məclisi alov işığı tutur.) Gərək nağıllarda danışılsın ki, bəli, Gürcüstan adında keçmişdə bir vilayət var imiş. (Şeypur səsi gəlir.) Nə şeypurdur? Sərkərdə. Qibleyi-aləm! Vali tərəfindən elçi gəlir. Ağa Məhəmmədşah Qacar. Qoşuna xəbər elə, elçiyə yol versin. (Sərkərdə gedir.) Yəqin, Irakli öz mənfəətini anlayıb, təbəiyyət etmək istəyir. Çox aqilanə iş görür. Həm öz canını qurtarır, həm camaatın canını. Tavad Keyxosrov Aveliani (elçi sifətində daxil olub, kağızı verir). Gürcüstan padşahı İkinci İrakli tərəfindən xidmətinizə məktubdur. Ağa Məhəmmədşah Qacar (oxuyur). Əgər sən özünü şah və cəmi İranın hökmranı hesab edirsən, nə üçün mənim paytaxtımı dağıdırsan və rəiyyətimi əsir edirsən? Əgər sən padşahsan, padşahanə rəftar et. Sənə lazımdır ki, fəthdən sonra camaata əminlik verəsən ki, ürəyi sənə yapışa. Sən, gəl mənim bu təklifimi qəbul et! Davanı dayandır. Əsirləri azad et. Sonra mən hazıram səninlə ittifaqnamə bağlamağa. Mən söz verirəm ki, bizim aramızda ittifaqnamə bağlansa, ona elə əməl edim, nə növ ki, mənim insafım, ürəyim və ədalətim mənə buyurur. Əgər mənim bu təklifimi qəbul etməyəsən, bil ki, mən ondan sonra Gürcüstanın hifzindən ötrü axıracan çalışacağam. Cəmi gürcü tayfasının ürəyi qisas arzusu ilə doludur. Və əlavə, Gürcüstanla həmməzhəb olan Rusiya heç vədə sənin Gürcüstana elədiyin zülmü qəbul etməz. (Elçiyə.) Gedib valiyi-Gürcüstana bizim də şərtlərimizi yetirərsən. Əgər qəbul etsə, biz söz veririk əsirləri azad edək. Tiflisdə dağılan evlərin təmiri üçün pul verək və vali ilə ittifaqnamə bağlamağı qəbul edək. Əvvəla, Qarabağdan Gürcüstana davaya gələnlərin verilməsi; ikincisi, öz oğlanlarının birini girov versin və üçüncü, Gürcüstan valilərinin əlinə Azad xandan keçən almazı göndərsin. Gürcüstanelçisi. Mən padşah tərəfindən sizə cavab verməyə vəkiləm. Padşah, namusuna və səltənətinə toxunan heç bir təklifi qəbul etməyəcək. Ağa Məhəmmədşah Qacar. Onda ixtiyar sahibidir. Gedə bilərsən. Xoş gəldin. (Elçi gedir) Elçini salamat ötürün, getsin. (İşıq artıb məclisi tutur.) Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi, gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən, ta afitabi-aləməfruz və cahangərd dastanını dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta buludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyİndir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zəmanələrdə ziyarətinə gələnlərə Tiflis macərasını nağıl elə! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərb-dəsti Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin! Pərdə * * * Dördüncü məclis Əhli-məclis AğaMəhəmmədşahQacar HacıIbrahimxan – vəzir ŞahruxRzaquluMirzə – Nadir şahın oğlu SərdarMustafaxan – irəvanlı. Cavadxan – gəncəli Sadıqxan Hüseyn xan } sərkərdələr Üç nəfər əlahiddə sərkərdə, qoşun əhli və fərraşlar Əvvəlinci məclis Muğan səhrasında Ağa Məhəmməd şah Qacarın çadırları. Cavad xan, Mustafa xan, Sadıq xan, Hüseyn xan. Cavadxan. Şahın fikri görəsən haradır? Qarabağdır, ya Xorasan? Mustafaxan. Qarabağla hələ şahın işi olmayacaq. Şuşa şəhərinin hasarı çox möhkəmdir. Şəhər özü bir uca dağın üstündə düşüb. Ancaq bir tərəfdən üstünə yerimək mümkündür. Bu növ qələni almaq üçün atlı qoşun yaramaz. Piyada qoşun və güclü top lazımdır. Amma şahın qoşununun, demək olar ki, hamısı atlıdır. Bu qoşunla Şuşa qələsini almaq mümkün deyil. Necə ki, mümkün olmadı. Şahın Qarabağ barəsində olan tədbiri çox gözəl tədbirdir. Ətrafda qoyulan qoşun Qarabağın kəndlərini dağıdar və çünki şəhərin zindəganlığı bağlıdır kəndlərə, şəhər əhli acından təngə gəlib, labüddən təslim olacaq. Cavadxan. Yaxşı ki, biz təbəiyyət elədik. Yoxsa, yəqin İndi Gəncə, İrəvan xanlıqları da Gürcüstan tək tar-mar olmuşdu. Mənim təbəiyyətimin səməri bu oldu ki, həm xanlığım əlimdə qaldı, həm rəiyyətim dağılmadı və həm Gürcüstandan gələn otuz min əsirin çoxusunu şah mənə bağışladı. Hələ də satıb qurtara bilməmişəm. Mustafaxan. Mənim özümə şahın iltifatı az olmayıb. Əsirdən mənə də az bağışlamayıb. Əlavə Borçalı və Qazax mahallarını Gürcüstandan kəsib mənə bağışlayıb. Məni başdan çıxartmışdılar. Mən İraklinin zoruna və onun köməkliyinə xatircəm idim. Nə bilirdim ki, şahın tədbiri hamısına faiq gələcək. Onun qoşunundan artıq tədbiri iş gördü. Sadıqxan. Şahın iltifatından mən də şaki ola bilmərəm. Mənə da az əsir bağışlamayıb. Əlavə necə ki, görürsünüz, cəmi atlı qoşuna sərkərdə mən Sadıq xanam! Hüseyn xan. Metsxetdən gətirdiyim dövlət mənə kifayətdir. Amma Metsxet keyfiyyəti hər yadıma düşəndə gülməyim tutur. Elə ki şah məni və Sadıq xanı göndərdi Metsxetə, şəhərə yetişib necə lazım idi kar gördük. Axırda yetişdik bir deyrə, rahiblər qaçmışdılar, deyr boş idi. Hücrələrin birinə daxil olub gördüm ki, divara bir nərdivan dayanıb. Dedim bu nərdivan nahaq yerə buraya qoyulmayıb. Nərdivana bir adam çıxartdım. Adam divarın üstündən güclü pul və cavahirat endirdi. Binəva rahiblər qaçan vaxt pulu gizlədib və qorxduqlarından nərdivanı da divara söykəli qoyub qaçıblar. Sadıqxan. Metsxet ki, dağıldı və biz də ki, qoşunu rahat elədik, mən bir nəfər atlı götürüb şəhərin ətrafına səyahətə çıxdım. Mən orada bir faciə gördüm. İndi də yadıma düşəndə ürəyim qana dönür. Hüseyn xan. Nə faciə? Nağıl elə görək. Sadıqxan. Şəhərin ətrafında gəzərkən yolum bir kəlisaya düşdü. Kəlisanın dörd ətrafı xaraba idi. Girdim həyətə. Həyət həmçinin boş, amma bir küncdə balaca daxmada gördüm bir qoca kişi yapıncı altında yatıb və yanında da qoca bir erməni əyləşib. Bunların bu xaraba yerdə olmaqları mənə çox təəccüb gəldi. Ermənidən sual elədim ki, burada nə qayırırsınız və bu yapıncı altında yatan kİmdir? Erməni bir dərin ah çəkib cavab verdi ki, bu şəxs bir böyük vücud idi. Qırx il bunun adı cəmi məşriqzəmində ehtiramla çəkilib. Ömrünün axırında buna bədbəxtlik üz verdi. Mülkünü, malını, rəiyyətini tarac elədilər. Oğlanları fəryadına yetişmədilər. Bu yapıncının altında yatan Gürcüstan padşahı İkinci İraklidir. Doğrusu, özümü saxlaya bilməyib, biixtiyar ağladım. Atın başını çöndərib yola düşdüm. Mustafaxan. Bəs niyə əsir eləmədin? Sadıqxan. Məgər insafdır, bir evi yıxılmış, məmləkəti dağılmış, çırağı sönmüş qoca kişini əsir edəsən? Ondan sonra məgər Allahın qəzəbindən qurtarmaq olar?.. Deyəsən şah gəlir. (Gedir.) Mustafaxan. Lazımdır Sadıq xanın bu cür hərəkətini şahın qulluğuna ərz etmək. Hüseyn xan. Bu bir fikir deyil, şahın Sadıq xana o qədər məhəbbəti var ki, bizim sözümüzü şeytanlıq hesab edib, inanmayacaq və inansa da ona bir şey etməyəcək. O bizi yoldaş bilib bu sirri bizə açdı, nə rəvadır yoldaşlıqda onu şahın qəzəbinə salaq, yaxşı sifət deyil. Gedirlər. Ağa Məhəmmədşah Qacar (Hacı İbrahim xanla daxil olur). Hacı İbrahim xan! Belə deyirlər ki, Şirvan əhli mən göndərdiyim hakimi öldürüblər. Əlbəttə, o camaata gərək böyük tənbeh olsun, bir də bu cürəti eləməsinlər. Hacı Ibrahimxan. Hakim camaata çox zülm eləyirdi. Camaat da dada gəlib bu əməli tutub. Ağa Məhəmmədşah Qacar. Mən ki o hakimi zülmünə görə əzl eləmişdim. Hacı İbrahimxan. Bəli, Qurban. Sizin bu mərhəmətiniz camaatı cürətə gətirib. Odur ki, hakimi öldürüblər. İndi Şirvan camaatı ağsaqqalları hüzuri-aliyə göndərib, üzr istəyirlər. Təvəqqe edirlər ki, onların əvvəlki xanlarını özlərinə verəsiniz. Xan özü də həmçinin izhari-təbəiyyətlə dərbarialiyə gəlib. Ağa Məhəmmədşah Qacar. Şirvan əhlinə xəbər göndər ki, mən onların təqsirlərindən keçdim və xanlarını da bağışlayıb öz yerində baqi qoyuram. Xanlar hamısı buradadırlarmı? Hacı İbrahimxan. Bəli, Qurban. Ağa Məhəmmədşah Qacar. Mən təəccüb edirəm İbrahim xana. Bilmirəm o nəyə xatircəm olub, bizim qoşunumuzun müqabilində durub. Keçmişdə Gürcüstana, Irəvana ümid bağlayırdı. İndi fikri nədir? Nə olardı, o da sair xanlar tək beyət edib, itaətə gələydi və mən də onu öz yerində qoyardım. Məgər bilmir ki, mən Şuşanı alacağam? Məgər mənim divanımın sədası onun qulaqlarına çatmayıb? Hacı İbrahimxan. Qibleyi-aləm, onun yanında bir nəfər çox aqil şəxs var. Molla Pənah adlı, Vaqif təxəllüs. İbrahim xanın hər bir məsləhəti onunla olur. Xanın Şuşa qələsində möhkəm durmağına bais Molla Pənahdır. Həmin şəxsdir ki, qibleyi-aləmin göndərdiyi fərdə cavab yazmışdı: Gər nigahdari-mən anəst ki, mən midanəm, Şişəra dər bağəli-səng nigah midarəd. Əgər məni saxlayan mənim tanıdığımdırsa, o, şüşəni dağın bağrında saxlaya bilər. Ağa Məhəmmədşah Qacar. Yadıma düşdü, görünür, həqiqət kamallı şəxsdir. Hacı İbrahimxan. Bəli, Q u r b a n. Onun təbinə və kamalına söz ola bilməz. Ağa Məhəmmədşah Qacar. Buyur sərkərdələrin və xanların hamısını buraya çağırsınlar. (Hacı İbrahim xan gedir.) Qaldı bir Xorasan səfəri, inşallah, bu da qurtarar. Qayıdarıq Qarabağ üstünə. Amma mən yenə ümidvaram ki, İbrahim xan özü peşman olub, beyətə gələ. (Sərkərdələr daxil olurlar.) Həzərat, budur, neçə müddətdir, biz çalışırıq və çalışmağımızın da nəticəsi aşkardır. Bunun hamısı əvvəl Allahın tövfiqindəndir və sonra sizin rəşadətinizdən. İndi bizim bir ağır səfərimiz qalıb, o səfər Xorasan səfəridir. Gərək buradan Xorasana yola düşək. Mən belə güman edirəm ki, Xorasanı davasız alaq. Çünki nə Nadir Mirzə və nə atası kor Şahrüx bizim müqabilimizə çıxa bilməyəcəklər. Sadıqxan. Qibleyi-aləm, biz hamımız İndiyədək sədaqətlə qulluq etmişik. Yenə hazırıq qulluq etməyə. Xorasanın alınmağına da şəkk ola bilməz və dava olsa da eyib etməz. Çünki əlahəzrətin dövlətinin sayəsindən nə qoşun yorulub, nə sərkərdələr. Amma bəndeyi-həqir, sərkərdələr və qoşun tərəfindən hüzuri-şahənşahiyə bir ərz edəcəyəm. Ağa Məhəmmədşah Qacar. De görüm, Sadıq xan. Hacı İbrahim xan daxil olur. Sadıqxan. Qibleyi-aləm, bu yerin ki, biz düşmüşük, adına Muğan deyərlər, o yerdir ki, burada qədim İran şahları başlarına tac qoyublar. Bu yerdə Nadir şah başına İranın tacını qoyub və Şah Səfinin qılıncını bağlayıb. Biz kəmtərin sərkərdələr və qoşun əhli təvəqqeyiacizanə edirik ki, əlahəzrətişahənşah bizə tacgüzarlıq bayramını bu Muğanda nəsib eləsin. Ağa Məhəmmədşah Qacar. Həzərat! Bu təklif mənə neçə dəfə olub, mən qəbul etməmişəm. Onun səbəbini də İndi sizə bəyan edərəm. (Vəzirə) Hacı İbrahim, tacı və qılıncı gətir. (Hacı İbrahim xan gedir.) İndi ki siz belə təkid edirsiniz, mən də qəbul edirəm. Sərkərdələr. Qibleyi-aləm, hamımız təvəqqe edirik. Hacı İbrahim xan tacı və qılıncı xonçada gətirib, dizi üstündə çökür şahın qabağında. Ağa Məhəmmədşah Qacar. Mənim əziz və sevgili sərkərdələrim! Bir şəxs ki, camaat və qoşun bərgüzidə edib təbəiyyət göstərə, o şəxs padşah olar. İstər başına tac qoydu, ya qoymadı. Tacgüzarlıq padşahlar arasında ancaq bir rəsmdir. Amma mən bu rəsmə ayrı bir nəzərlə baxıram. Bu qılınc ki, görürsünüz, şah Səfinin qılıncıdır. Bunu cəmi Səfəvi padşahları birbəbir bellərinə bağlayıblar və mən o vədə bu qılıncı bağlaya bilərəm ki, Şah Abbas Səfəvi tək padşahın bərabəri olam və padşah İsmayıl tək islama rəvac vermiş olam. Amma İndi sizin xahişinizə görə bu qılıncı bağlayıb dərgahi-rəbbilaləmdən iltimas edirəm ki, mərhəmət nəzərini İranın üstündən kəsməsin və mən fəqir bəndəsini də şah Abbas məqamına yetirsin. (Qılıncı öpüb bağlayır.) Qılıncı bağladım, amma bu tacı əsla başıma qoymayacağam. Bu tac Nadirin tacıdır. Bunun dörd qızıl lələyi iqlimin təsxirini sübut edir. Farsistanın, Hİndistanın, Türküstanın və Əfqanıstanın. Mən İndiyədək məmləkət almamışam, ona görə ancaq bu bir dənə cıqqanı bu tacdan götürüb başıma vururam. (Cıqqanı başına sancır.) İlahi, vətəni bəliyyatdan hifz elə! Salamat olsun vətən, salamat olsun İran! Hacı İbrahim xan və sərkərdələr (bərabər). Qibleyi-aləm, tacınız mübarək olsun! Sadıqxan (uca yerdən). Ey İranın Rəşid qoşunları! Bilin, bu gün İran üçün böyük bayramdır! Bu gün, Ağa Məhəmməd şah Qacar İran padşahlarının tacını başına qoymaqla İranı şərəfraz elədi. Təbillər vurulsun. Topların, tüfənglərin nərəsi asimana bülənd olsun! Payəndə bad Ağa Məhəmməd şah Qacar! Tüfəng atılır, qoşundan səs gəlir: payəndə bad Ağa Məhəmməd şah Qacar! Pərdə İkinci məclis Xorasan. Ağa Məhəmməd şahın mənzili. Hacı İbrahim xan və Sadıq xan. Hacı İbrahimxan. Mən, doğrusu, çox ehtiyat eləyirəm. Bu tövr ki bəxt şahə yardır, qorxuram axırı bədbəxtlik ola. Mən belə güman eləyirdim ki, Xorasanda böyük dava olacaq və camaat Nadir Mirzəni saxlayacaq. Xorasanın davasız ələ keçməyini heç kəs güman etməz idi. Sadıqxan. Axıra qalan Qarabağdır. Məgər Qarabağ Gürcüstandan möhkəm duracaq? Mən yəqin etmişəm ki, Qarabağın əhli acından dava etməyi bacarmayıb, təslim olacaqdır. Ondan sonra cəmi İran olacaq bir can və canın başı Ağa Məhəmməd şah olacaq. Dəxi bədbəxtlik haradan ola bilər? Hacı İbrahimxan. Allahın işini bilmək olmaz. Ancaq mən hər namaz qılanda və hər gecə yatanda dua eləyirəm, deyirəm: pərvərdigara, sən şahı bəladan saxla. Sadıqxan. Sən ümidini şahın tədbirlərinə bağla. O tədbirin sahibi özünü bəlaya düçar etməz. Hacı İbrahimxan. Xan, mənim qorxum Rusiya tərəfindəndir. Nə qədər olsa, Rusiya və Gürcüstan camaatı həmməzhəbdir. Mən inana bilmirəm ki, Rusiya Gürcüstan qisasını almaq fikrinə düşməyə. Sadıqxan. Bu nahaq təşvişdir, Hacı İbrahim xan. Rusiya dövləti əgər Gürcüstana kömək vermək istəsəydi, vaxtında verərdi. İndi bədəz xərabeyi Bəsrə verilən köməkdən nə fayda?! Ağa Məhəmməd şah Qacar (daxil olur). Sadıq xan, get Şahrüxü buraya gətir! (Sadıq xan çıxır.) Doğrusu, Hacı İbrahim xan, Allah qisası qiyamətə qoymaz. Nadirin günahının cavabını övladı verir. Sadıqxan (Şahrüxü gətirir). Qibleyi-aləm! Budur Nadirin oğlu Şahrüx Rzaqulu Mirzə. Ağa Məhəmmədşah Qacar. Yaxına gəl, qoca. Şahrüx. Kİmdir məni yaxına çağıran? Sadıqxan. Səninlə danışan İranın şahı Ağa Məhəmməd şahdır. Şahrüx. İranda mən bir şah tanıyırdım, mənim atam Nadir şahı. Ağa Məhəmməd şah Qacar. Hədyan danışma, qoca, yaxına gəl! Sadıq xan, onu yaxına gətir! (Şahrüxü yaxına gətirirlər.) De görüm, oğlun Nadir Mirzə haradadır? Şa hrüx. Nadir Mirzə Əfqan tərəfə keçib. Neyləyirsən Nadir Mirzəni? Mən onun əvəzinə gəlmişəm. Ağa Məhəmmədşah Qacar. Qoca, sən dünyada çox müsibət çəkibsən. Mən istəmirəm sənin axır günlərin də əziyyətlə keçsin. Mən bilirəm Nadir hər nə cavahirat qoyub, hamısı səndədir. Bundan sonra onların heç biri sənə lazım deyil. Gərək verəsən mənim xəzinəmə. Şahrüx. Mənə Nadirdən heç şey qalmayıb. Ağa Məhəmmədşah Qacar. Qoca, nahaq yerə özünü əzaba düçar eləmə, sənə əziyyət edərlər. Amma xoşla cavahiratın yerini desən, həmişə mənim iltifatım sənin üstündə olar. Şahrüx. Sənin iltifatın mənə lazım deyil. Buyur, hər nə əziyyət edəcəklər, etsinlər. Mən anadan dünyaya bədbəxt gəlmişəm, bədbəxt də gedəcəyəm. Mən iyirmi yaşından İndiyədək öz korluğuma ağlayıram. Ağlamaqdan da gözlərimin yaşı qurtarıb, əvəzinə ciyərimin qanı gəlib tökülürdü. İndi mən şükür eləyirəm Allahın dərgahına ki, mən koram və mənim atam Nadir şah tək padşahın məsnədində əyləşəni gözlərim görmür. Kim deyir dünyada insaf var? Kim deyir dünyada ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, Nadir şahın Rzaqulu Mirzə tək istəkli oğlu öz atasının xacəsinin qabağında əsir saxlanmazdı. Kim deyir dünyada insaf var? Kim deyir ədalət var? Əgər dünyada insaf və ədalət olsaydı, tərlan yerində zağ və zəğan oturmazdı. (Ağlayır.) Ox!.. Yoxdur dünyada ədalət, yox, yox!.. Gözlərim əlimdən gedib, bu quru nəfəsi də bundan sonra istəmirəm, aparın, nə eləyəcəksiniz eləyin. Ağa Məhəmməd şah Qacar. Sadıq xan! Bu qocanı verərsən fərraşların əlinə. Nadirin cavahiratını birbəbir bundan istərlər. Ələlxüsus böyük yaqutu vermək istəməsə, lazımi əziyyət buna verərlər. Sadıq xan Şahrüxü aparır. Hacı İbrahimxan. Qibleyi-aləm, nə qədər olsa, bu, padşah oğludur. Qırx beş ildir ki, Allahın işıqlı dünyasına həsrətdir. Ona əziyyət vermək insaf deyil. Ağa Məhəmməd şah Qacar. Hacı İbrahim xan! Bu, Nadirin oğludur. Əgər Nadirin cəmi övladını kabab edəm, yenə mənim ürəyimin yarası sağalmaz. Nadir mənə yaman yara vurub, Hacı İbrahim xan! Sadıqxan (daxil olur). Qibleyi-aləm, Süleyman xan tərəfindən hüzurialiyə məktubdur. (Kağızı verir.) Ağa Məhəmməd şah Qacar (kağıza baxıb). Hacı İbrahim xan! Sərkərdələri buraya çağır! Hacı Ibrahimxan. Qibleyi-aləm, rənginiz qaçdı, nə xəbərdir gələn? Ağa Məhəmməd şah Qacar. Bu saat bilərsən. Çıx sərkərdələri buraya çağır. (Hacı İbrahim xan çıxır.) Bu yaxşı olmadı. Fərraşbaşı (daxil olur). Qibleyi-aləm, cavahiratın bir-bir yerini deyir. Amma böyük yaqutu vermək istəmir. Hər nə qədər əziyyət edirik, olmur. Dırnaqlarının arasına mıx çaldıq. Belindən parça-parça dəri qoparıb yerinə duz tökdük, yenə demir. Ağa Məhəmmədşah Qacar. Necə demir? Get deginən onun başının ətrafına xəmir yapışdırıb ortasına qurğuşun töksünlər. Onda yaqutun yerini yəqin deyər. (Fərraşbaşı çıxır, sərkərdələr və Hacı İbrahim xan daxil olurlar.) Camaat, Süleyman xandan kağız gəlib. (Kağızı verir Hacı İbrahim xana.) Hacı İbrahim xan, al bu kağızı oxu, sərkərdələr qulaq assınlar. Hacı Ibrahimxan. Məruzi-hüzuri-ali olsun ki, otuz beş min rus qoşunu general Valeriyan Zubovun təhti-rəyasətində Lənkəran və Badkubə qələlərini alıblar. Gəncə və Şamaxı həmçinin keçib Rusiyanın ixtiyarına. General Zubov əyləşib Muğanda, Azərbaycan üstünə yerimək xəyalındadır və Azərbaycanı təsxir edəndən sonra, Tehran üstünə gedəcək. Ağa Məhəmmədşah Qacar. Həzərat! Kağızın məzmununu bildiniz. Rusiyanın qoşunu cürət edib İran torpağına ayaq qoyub. Amma mənim Rəşid qoşunum onun müqabilinə şir tək gedəcək. Ümidvaram ki, Allahın köməkliyi ilə bir az müddətdə Rusiya qoşununun İran torpağında bir nişanəsi də qalmaz. Sadıqxan. Qibleyi-aləm. Rusiyanın otuz beş min qoşunu müqabilində əlahəzrətin səksən min qoşunu var. Bir belə qoşununun müqabilində Rusiya qoşunu məgər davam edə biləcək? Ağa Məhəmmədşah Qacar. Dayanmayın, gedin qoşunu hazır edin! Sərkərdələr gedirlər. Fərraşbaşı (daxil olur). Qibleyi-aləm buyuran tək edib, yaqutu aldıq. (Yaqutu verir.) Ağa Məhəmmədşah Qacar. Öldü, ya sağdır? Fərraşbaşı. Xeyr, Q u r b a n, sağdır, amma canı azdır. Ağa Məhəmmədşah Qacar. Ona gedib deyərsən ki, əziyyətinə səbəb özü oldu və sabah göndərərsən getsin Mazandarana. (Fərraşbaşı çıxır.) Hacı İbrahim xan! Hacı İbrahimxan. Bəli, Qurban. Ağa Məhəmmədşah Qacar. Mən sərkərdələrə dediyim sözləri eşitdin? Hacı İbrahimxan. Bəli, Qurban, eşitdim! Ağa Məhəmmədşah Qacar. Sən yəqin eləyibsən ki, mən dediyim tək eləyəcəyəm? Hacı İbrahimxan. Əlbəttə, gərək qibleyi-aləmin xahişi əmələ gələ. Ağa Məhəmmədşah Qacar. Hacı İbrahim! Mən səni ndiyədək çox aqil şəxs hesab edirdim. Amma heyf, sədd heyf mənim zənnimə! Mən güman eləməzdim ki, sən də mənim sərkərdələrim tək ağılsızsan. Sənin tək aqil şəxs heç xəyal edə bilərmi ki, mən aparım öz başımı Rusiyanın fulad divarına döyüm və ya qoyun sürüsünə bənzər qoşunumu aparam Rusiyanın müntəzəm qoşununun top-tüfənginin qabağına verəm. Mən bilirəm nə eləyəcəyəm. Bir rus gülləsi mənim qoşunuma çatmayacaq. Qoy Rusiyanın qoşunu nə qədər yeriyəcək yerisin! Lənkəranla Tehranın arasını biyabana döndərəcəyəm, hər nə tapsalar alsınlar. Gəl dalımca! Gedirlər. Pərdə * * * Beşinci məclis Əhli-məclis AğaMəhəmmədşahQacar HacıIbrahimxan Sadıqxan Səfərəli Abbasbəy } pişxidmətlər Bir nəfər sərkərdə. Şuşa qələsi. Məhəmməd Həsən ağanın evində Ağa Məhəmməd şahın mənzili. Məclis ortadan iki bölünüb: sağ tərəfdə Səfərəli və Abbas bəy pişxidmətlərin otağı, sol tərəfdə Ağa Məhəmməd şah Qacarın yatacaq otağı. Otağın ortasından qırmızı ipək pərdə çəkilib. Pərdənin dalında Ağa Məhəmməd şah Qacarın taxtı qoyulub. Ağa Məhəmməd şah Qacar döşək üstündə əyləşib, yanında piysuz, qabaqda Hacı İbrahim xan ayaq üstündə durub. Ağa Məhəmmədşah Qacar. Doğrudur, Hacı İbrahim xan, bir şəxsi ki, Allah ucalda, onu məxluqat heç vəchlə aşağı sala bilməz və bir şəxsi ki Allah aşağı sala, cəmi maxələqəllah yığıla ucalda bilməz. Əgər, xudanəkərdə, bizim qoşunumuz rus qoşunu ilə rubəru gələydi, bir atlımız qalmazdı və Allahın əli mənim üstümdə olmasaydı, İndi rus cümlə İrana malik olmuşdu. Qəzanın işini gör. Dava əsnasında imperatriçə vəfat edir, yerinə oğlu əyləşir və o da hökm edir ki, İran üstünə gedən qoşun geri qayıtsın. Çox böyük xoşbəxtlikdir, Hacı İbrahim xan. Hacı İbrahimxan. Bəli, Qurban. İnşallah, həmişə Allahın tövfiqi qibleyi-aləmin üstündə olacaq. Ağa Məhəmmədşah Qacar. Mən necə ki, yəqin etmişdim, elə də oldu. Şuşa qələsinə davasız malik olduq. Heyf ki, İbrahim xan ələ keçmədi. Amma ümidvaram ki, bu gün İbrahim xanın ya özü və ya başı gələ. Onun dalınca gedən iki min adamın əlindən haraya qaça biləcək? O şair Molla Pənah necə oldu? Hacı İbrahimxan. Qibleyi-aləm, zindana salıblar. Ağa Məhəmmədşah Qacar. Xub, sabah, mənə yazdığı fərdin ləzzətini ona göstərərəm. Hacı İbrahimxan. Qibleyi-aləm, deyirlər Molla Pənah gecə vaqiə görüb, deyirmiş ki, məni Ağa Məhəmməd şah öldürə bilməyəcək. Ağa Məhəmməd şah Qacar. Nə eləyim, cümə axşamı olmayaydı, onun vaqiəsinin doğru olmağını ona sübut edəydim!.. Amma İbrahim xan ələ keçməsə, mən rahat ola bilməyəcəyəm. Hacı Ibrahimxan. Qibleyi-aləm, İbrahim xan quş da olsa iki min Rəşid atlının qabağından heç bir yana qaçıb qurtara bilməz. Ağa Məhəmmədşah Qacar. Allah sən deyəni eləsin. Hacı, dəxi get, rahat ol. Məni tək qoy, yatmaq vaxtı yaxınlaşır. Şam namazı qılım. (Hacı çıxır, şah canamaz gətirib istəyir açsın. Bu halda Sadıq xan daxil olur). Nə var? Niyə gəldin. Sadıqxan. Qibleyi-aləmin fərmayişinə görə gəlmişəm. Ağa Məhəmmədşah Qacar. Kim yetirdi sənə mənim fərmayişimi? Sadıqxan. Səfərəli. Ağa Məhəmmədşah Qacar. Buraya çağır onu. (Sadıq xan çıxır.) Məgər bu biinsaflar məni bir dəqiqə rahat qoymazlar? (Səfərəli daxil olur.) Nə vaxt mən sənə dedim get Sadıq xanı çağır? Səfərəli. Yarım saat bundan əqdəm. AğaMəhəmmədşah Qacar (qəzəbli). Yalan deyirsən, namərbut! Səfərəli. Ola bilər ki, mənim qulaqlarım qibleyi-aləmin fərmayişini düzgün eşitməyibdir. Ağa Məhəmmədşah Qacar. Bir qulaqlar ki, mənim fərmayişimi dürüst eşitməyələr, mənə lazım deyillər. Get cəllada deginən qulaqlarının ikisini də kəssin. (Səfərəli çıxır. Sərkərdə daxil olur.) Hə, necə oldu? Sərkərdə. Qibleyi-aləm, Tərtər çayının kənarında yetişdik İbrahim xana. Üstündə beş mindən ziyadə atlı var idi. Çox dava elədik və İbrahim xanın qoşunundan da çox qırdıq. Amma çox olmaqlarına görə bizə faiq gəldilər. Xanı ələ gətirə bilmədik. Qaçdı Car Biləkan tərəfə. Ağa Məhəmmədşah Qacar. Yalan deyirsən, namərbut! Doğrusunu de görüm, dava eləyibsən, ya yox? İbrahim xan haradan alırdı beş min qoşunu? Sən bilirsən ki, bu neçə ilin müddətində Qarabağın adamları bir halətə düşüblər ki, qollarından tutan olmasa, yatdıqları yerdən dura bilmirlər. Doğrusunu de görüm, dava eləyibsən, ya yox? Sərkərdə. Qibleyi-aləm, necə ki, ərz elədim, elədir. Ağa Məhəmmədşah Qacar (durur ayağa). Yalan deyirsən, yalan deyirsən! İbrahim xan iki yüz adamdan artıq aparmayıb! Qorxub qaçıbsız! Doğrusunu de! Yoxsa, and olsun Allaha, ətini tikətikə kəsdirib gözünün qabağında yandıracağam! Sərkərdə. Sahibi-ixtiyarsınız, qibleyi-aləm. Amma necə ki, ərz elədim, o növdür. Ağa Məhəmmədşah Qacar. Apardığın adamdan nə qədər qırılıb? Sərkərdə. Qoşun hamısı salamat qayıdıb. Ağa Məhəmmədşah Qacar. Get! Məlum oldu! Sabah sən də və sənin qoşunun da lazımi ənamınızı alarsınız. (Sərkərdə gedir.) Qalsın sənin tənbehin sabaha. Görünür, qarabağlıların küyündən qorxub qaçıblar. Dəxi bilmirlər ki, ölümdən qaçıb ölümə düçar gələcəklər. Yox, yox... Mən buna səbr edə bilməyəcəyəm. Necə ola bilər ki, mən Ağa Məhəmməd şah Qacar olam, cəmi İran mənim təhti-səltənətimdə ola, bir Qarabağ xanı iki yüz atlı ilə mənim əlimdən qaçıb qurtara! Yox, tab gətirə bilməyəcəyəm, görünür, yumşalmışam! Eybi yoxdur, yenə qiyaməti bərpa elərəm. Yenə Ağa Məhəmməd şah Qacar gözlərinin qızarmağını görərlər. (Otaqda hirsli gəzinir. Səfərəli qulaqları dəsmalla sarınmış və Abbas bəy öz otaqlarına girirlər). Səfərəli. Öhö... öhö... öhö... (Ağlayır.) Abbasbəy. A kişi, yekə adamsan, uşaq tək niyə ağlayırsan? Səfərəli. Abbas bəy, niyə ağlamayım? Mən Qarabağda bir adam sayılırdım. İndi bu sifətdə mən camaat içinə çıxamı biləcəyəm? Mənim qulaqlarımı kəsdirincə şah buyuraydı birdəfəlik boynumu vuraydılar, bundan yaxşı olardı. (Ağlayır, şah qulaq verir.) Abbasbəy. Ağlama, ayıbdır. Bir də şahın hirsi bərk tutub. Xudanəkərdə, eşidər, qəzəbi bir az da şiddət elər. Ağa Məhəmmədşah Qacar (qeyzli). Kİmdir qapının dalında səs eləyənlər? İçəri gəlin! (Səfərəli və Abbas bəy daxil olur.) Səfərəli, sənsən övrət tək ağlayan? Gör mənim sənə nə qədər iltifatım var ki, sənin başını bədənində qoymuşam! Abbas bəy, sən də küy eləyib mənim istirahətimi pozursan?! Gedin, sabah hər ikinizin gərək başı kəsilə. Sizdən savayı bir neçə da naçizlər var, onların da başı kəsiləcək. Sabah gərək kəlllədən bir minarə qurduram ki, Şəmkir minarəsindən uca ola. O minarənin başında sizin ikinizin başını qoyduracağam, gedin! (Səfərəli və Abbas bəy çıxırlar.) Çoxdandır, divan eləməmişəm. Amma sabah gərək davadan qaçanlara özümü göstərəm. Gərək sabah Qarqar çayında su əvəzinə qan axa! Gərək sabah bir elə divan eləyim ki, Arazla Kürün arası zəlzələyə gələ! Gərək bir divan eləyəm ki, həzrəti-Musa minlərcə balaca uşaqlar başı kəsdirmiş Fironun günahının əfvini Allah dərgahından istixasə eləyə! Gərək bir divan eləyəm ki, Əmir Teymurun sümükləri Səmərqənddə cünbüşə gələ! (Nəfəsini ağır-ağır çəkir.) Gərək Bağrıqan dağının sinəsindən ələman sədası kəhkəşani-fələkə dürəklənə! Gərək bir divan eləyəm ki, Hüccac ibniYusif başını qəbirdən qovzayıb afərin desin! Of!.. Nə çətin əmrdir padşahlıq! (Piysuzu götürüb gedir pərdənin dalına.) Səfərəli və Abbas öz otaqlarında. Səfərəli. Şahın sözü sözdür. Sabah ikimizin də başımız kəsiləcək. Abbasbəy. Qəzanın təqdirinə çarə yoxdur. Ağa Məhəmməd şah taxta əyləşəndən İndiyədək minlərcə bizdən artıq canları yox eləyib, İndi növbət bizə düşüb. Səfərəli. Bəli, əlac yoxdur, sən get bu gecəni öz övrət-uşağınla keçir. Mən də tək adamam, əyləşim, razü Niyaz eləyim. Bəlkə Allah keçmiş günahları bağışlaya. Bir də, Abbas bəy, doğrusu, Qarabağı bu halda görməkdənsə ölmək yaxşıdır. Ölkə vİran, evlərdə çörək yox, anaların döşünün südü quruyub. Ac qalmış südəmər balaların mələşməsindən yer, göy titrəyir. Xan başını götürüb diyarbədiyar düşüb. Bir diqqətlə baxırsanmı, Abbas bəy, bu böyüklükdə şəhərdə necə sakitlikdir. Küçələrdə bir zinəfəs tapılmır. Ancaq, bir havada nəş arzusunda gəzən kərkəslərdən savayı bir canlı görünmür. Günorta və axşam müəzzin səsindən savayı bir səs eşidilmir?! Heç diqqətlə bir əzan səsinə qulaq veribsənmi? O, əzan səsi deyil, ciyərlər naləsidir. Bu nədəndir? Ondandır ki, xalq qorxusundan çəkilib evinə, qapıları bağlayıb, külfətini yığıb başına, qara gününə ağlayır... Abbas bəy, axır, biz qarabağlıyıq, bunu gərək bizim namusumuz götürməsin. Abbasbəy. Bilirsən, Səfərəli, nə var? Niyə biz ölürük? Qoy şah ölsün. İranda yetimlərin, dul övrətlərin fəryadı ki, çıxıb göyə! Qoy, bir nəfs ölsün, bəlkə neçə min nəfs dirilə. Səfərəli. Abbas bəy! And olsun Allaha, sən mənim ürəyimdən xəbər verdin. Şah gərək ölsün! Özü də bu xəncərlə öləcək. Qoy onun öz başı, təmiri fikrində olduğu minarənin bünövrəsinə qoyulsun və minarəni də xudavəndialəmin yədi-qüdrəti tiksin. Abbasbəy. Onda şah yatmışkən girək içəri, fürsət əldən getməsin. Hər ikisi qəmələrini çəkib girirlər şah yatan otağa. Abbas bəy qabaqca yeriyib pərdəni yığışdırır əlinə. Qıçları tutulub, pərdə əlində qalır. Şah qədim xırda şüşəli pəncərənin yanında yatıb. Pəncərəyə ayın işığı düşüb. Taxtın ayağının altında piysus yanır. Abbas bəy və Səfərəli bir qədər vaxt bir-birinin üzünə baxırlar. Axır Səfərəli cəld şahın üstünə gedib, qəməni sancır onun ürəyinə. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yerindən qalxıb, onların dalınca, əli ürəyində, qapıyadək yüyürür, sonra qayıdıb otağın ortasında yıxılır. Ağa Məhəmmədşah Qacar. Ey xanəxərab, İranra virankərdi! (Ölür.) Pərdə Ey evi dağılmış, İranı vİran qoydun * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-aga-mehemmed-sah-qacar İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.