Ağac kölgəsində Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Ağac kölgəsində Dram, iki pərdədə İştirak edənlər Mustafabəy – mülkədar Gülməmməd – onun darğası Ocaqverdi – kəndli Gülpəri – onun qızı, Mustafa bəyin siğəsi MirzəKərim – kənd müəllimi Kənd əhalisi, qadınlar, çocuqlar * * * Birinci pərdə Əhvalat vaqe olur. Mustafa bəyin evinin qabağında. Səhnənin ortasında bir böyük ağac. Gülpəri ağacın altında bir böyük xalça və döşək salıb ətrafına su səpir. Neçə nəfər kəndli, əllərində torba, xurcun, müntəzir durubdurlar. Sair kəndlilər, əllərində oraq, balta, bel, kürək səhnədən gəlib, yığılanlara salam verib keçirlər. Ocaqverdi (əlində torba, Gülpəriyə). A qız, ağan hələ gəlməyibdir ki? Gülpəri. İndicə atdan düşüb, dədə, bu saat gələr. Amma çox hirslidir. Ocaqverdi. Yenə nə xəbərdir? Gülpəri. Nə olacaq, səhər darğa xəbər gətirdi ki, bu gecə Atakişi oğlu Cəfər su oğurlayıb. Kəhrizdən qol ayırıb, aparıb pambığını suvarıb. Bəy də çox hirsli durub, atını minib getdi. İndi Cəfərin boğazına ip salıb, yəhərin dalına bağlayıb burayadək sürüyüb. Yazığı o qədər döydürübdür ki, bədənində sağ yer qalmayıb. (Səs gəlir.) Budur, ağa gəlir. Hamı kənara çəkilir. Mustafabəy (daxil olur). Heyvan uşağı heyvan! (Gülpəriyə) Ay qız, get ayran gətir. (Gülpəri gedir.) Heyvan uşağı heyvan! (Oturur ağacın dibində.) Nə halal qanırlar, nə haram. Zalım oğlu, pambığa su lazımdır, insan kimi gəl istə, apar. (Camaata.) Hamınız haramxorsunuz, hamınız oğrusunuz! Guya Allah buyuran yolla su aparıb, pambıq məhsulunun dörddən birini bəyə versəniz, canınız çıxar. Odur ki, Allahın qəzəbi sizə keçib, əkinlərinizi gah çəyirtkə yeyir, gah dolu vurur, gah quraq aparır. Özünüz də yaz əkinçi, qış dilənçi. (Gülpəri kasada ayran gətirir, bəy içir.) İndi, budur, buraya yığılıbsınız, nə istəyirsiniz?.. Birincikəndli. Ağa, çörəyimiz qurtarıb, bir az arpaya gəlmişik. Özün bilirsən, biçin vaxtına bir şey qalmayıb, xırman vaxtı gətirib verərik. Mustafabəy. Budur... Iki aydan sonra arpa döyəcəksiniz. İndi acından ölürsünüz. Nə qədər arpa lazımdır? Birincikəndli. Adama yarım çuval olsa, bəsdir. Mustafabəy. Adama yarım çuval verərəm, bəşərtiha xırmanda hər biriniz bir çuval arpa verərsiniz! İkincikəndli. Ay ağa, axı biz sənin övladınıq. Bizi niyə belə dara qısnayırsan? Mustafabəy. Əskik olmaz. Istəmirsiniz, canınız çıxsın, acından qırılın. Zalım uşaqları, mənimlə şərikli kəhriz çıxartdırıbsınız ki, suyumu da oğurlayırsınız?! Ocaqverdi. Uşaqlar, danışıq lazım deyil, bəy bir çuval istəyir, biz də bir çuval verərik. Gəlin bəri. Mustafabəy. Ocaqverdi, sən çox baş aparırsan. Yoxsa güman edirsən ki, qızın mənim evimdədir, sənə mən heç bir şey edə bilmərəm? Vallah, səni Cəfərdən pis kökə qoyaram! Ocaqverdi. Bəy, bizim canımız bərkdir. Hər şeyə davamımız var, nə olar, döyəndə döyərsən. Qızımı zorla evimdən çəkdirib aparıb özünə siğə elədin, əlimdən nə gəldi ki, yenə də nə gəlsin? Mustafabəy. Sənin qızın mənim evimdə arvaddır, sən gərək fəxr eləyəsən. Nəinki boş-boş danışırsan. (Mirzə Kərim görünür). Hamınızı, bax bu gələn (göstərir) xarab eləyib. Ocaqverdi kəndlilərə əl edir, hamısı gedirlər. Gülpəri. A bəy, axı Cəfər kişi ölür. Bədənində salamat yer yoxdur. Ölü kimi yıxılıb, nəfəsi də çıxmayır. Boğazından bir damcı su keçməyir. Mustafabəy. Heç zad olmaz. Rəiyyət canı it canından bərk olar. Get gedələrə deginən bədəninə təpitmədən zaddan salsınlar. Gülpəri gedir. Mirzə Kərim (daxil olur). Salaməleyküm. Mustafabəy. Təzə qəzet alıbsanmı? Nə var nə yox, yenə nə yalanpalan yazıblar? Mirzə Kərim. Yalan-palandan sonra sənə söylərəm. Ancaq, bəy, yaxşı iş görmürsünüz. İndi bu saat Cəfərin oğlu gəlmişdi yanıma, deyir, bəy atamı o qədər döyübdür ki, atam ölür. Bəy, doğrusu, belə işlərin axırı xeyir olmaz. Mustafabəy. Mirzə Kərim, bu kəndin içində bircə ağıllı adam sənsən. Sən də bu cür danışanda mən təəccüb edirəm. Mən xərc çəkmişəm, pul tökmüşəm, qat-qat qabıq qoyub, kəhriz çıxartmışam. Camaatdan mən suyu müzayiqə etmirəm, gəlsinlər aparsınlar. Amma qaydası ilə, Allah buyuran yolla. Nəinki oğurluqla. Sən də, eşidirəm, camaata nəsihət etməkdən, onları başına yığıb hamısını da xarab eləyirsən. Budur, camaat tamam itaətdən çıxıb. Camaatı yığıb onlara qəzet oxuyursan, nə bilim, Rusiyədə bəyləri güllə qabağına qoyurlar, mülklərini alıb camaata verirlər, daha nə qayırırlar bilmirəm. Axır bunlar nəyə lazımdır? Nə qədər ki sən bu kəndə gəlməmişdin, camaat bundan yumşaq idi. İndi uşağı da dİndirmək olmur. Mirzə Kərim. Bəy, camaatın müəllimi mən deyiləm, vaxt özü müəllimdir, zəmanə özü müəllİmdir. Qaranlıqda qalanların, işıq arzusunda, əsarətdə, zindanda qalanların azadəlik arzusunda olmaları təbiidir. Dörd ətrafı işıq tutan zaman qapıları basıb camaatı işıqdan məhrum etməyin nəticəsi bu olar ki, təqazayi-vaxt o qapını açar və bağlayanı cəzasına yetirər. Bağışlayın, bəy, söhbət düşübdür, danışıram. Odur, Cəfər kişinin boğazına ip salıb sürütdüyübsən və özünü də o qədər döydürübsən ki, İndiyədək özünə gəlməyib. Bunun adını nə qoymaq olar? Məgər İndi xan əsridir? Camaatın ayağı Tiflisdə, Bakıda, Gəncədə. Hamısının gözləri açılıb, hamısı ayılıblar. Naçalniklərə, pristavlara, yasavula bel bağlamaq olmaz. Camaat qisası sel tək axarsa, onun qabağını almaq çətin olar. Siz İndi buyurdunuz ki, pul qoyub kəhriz çıxartmışam. Haradandır o pul? O pul rəiyyətlərin əziyyətinin nəticəsi deyilmi? Buyurursunuz qat-qat qabıq qoymuşam. Xeyr, yalandır. Siz qabıq qoymamışsınız. O qabığı bu fəqir camaat qoyub. Siz ancaq fəhlənin başının üstünü zalım kimi kəsdirib, tamaşa eləyibsiniz. Kəhrizi çıxaran fəhlədir. Bunlar keçəndən sonra Cəfər kişi su oğurlayıb. Sənin oğlun ona suyu bir gecəlik satıb, pulunu alıb şəhərə kefə gedib. Bunu mən təhqiq etmişəm. Mustafabəy. Qurtardın? Mirzə Kərim. Bəli, bəy, qurtardın. Bağışlayın, başağrısı oldu. Mustafabəy. İndi də mən deyim. Mirzə Kərim. Buyurunuz. Mustafabəy. Bilirsən, Mirzə Kərim, mən sənin xatırını çox istəyirəm. Çünki doğrudan da başıdolu oğlansan. Amma səndən mən təvəqqe edirəm, gündüz gedib şkolada dərsini verib, qayıdıb evində oturarsan. Səndən də qabaq burada müəllim var idi. Nə camaat onu tanıyırdı, nə o camaatı. Sən uçitelsən, dərsinə məşğul ol. Sənin nə borcuna, bəy belə gəldi, rəiyyət belə getdi. Qəzet alırsan, özün oxu. Yığıb onlara qəzet oxumaq lazım deyil. Camaat qəzeti nə eləyir? Qoy getsinlər əkinlərinin, biçinlərinin dalınca. Yenə sənə deyirəm, ağıllı ol, sən bir ağıllı oğlansan. Bir kasıb kişinin oğlusan, gəlib burada bir parça çörək yeyirsən. Mən istəmirəm ki, bizim aramızda inciklik olsun. Mirzə Kərim. Bəy, mən sizin xeyrinizi dedim. Mən yoxsul bir müəllim babayam. Haraya getsəm, beş uşağa dərs verib dolanacağam. Mülküm yox, evim yox, malım yox, qovulmaqdan da qorxmuram. Dustaqxanaya saldırarsan, bir parça çörək yeyib Dustaqlara dərs verərəm. Sürgün elətdirərsən, haraya getsəm, müəllimlik mənə çörək verəcək. Amma vay sizin halınıza. Buna görə də mən sizin öz məsləhətinizi deyirəm. Yoxsa, bir ehtiyacım yoxdur. Axırı sizin üçün pis keçər. Mustafabəy. Mənim üçün pis keçərsə, əlacını da özüm elərəm. Səndən təvəqqe edirəm camaatın işlərinə qarışmayasan. Hamını xarab edibsən. (Bu halda Ocaqverdi, əlində torba, keçir.) Nə halalı haramdan seçirlər, nə aldıqlarını verirlər. Budur, haman bu Ocaqverdi üç il tamamdır, beş manat alıb vermir. Ocaqverdi (dayanır). Bəy, necə beş manat? Mustafabəy. Yadındadırmı ki, sənin evində qonaq qalan kazakın qamçıçı itmişdi. Kazak səni ağac altına salıb öldürürdü. Beş manat kazaka verdim, səni qurtardım. Ocaqverdi. Yadımdadır. Mustafabəy. Vaxti ki, yadındadır, niyə İndiyədək borcunu vermirsən? Ocaqverdi. Bəy, mən səndən təvəqqe elədim ki, kazaka pul verib məni qurtarasan? Mənim belim ata-babadan ağaca öyrənib. Yüz dəfə sən döyübsən, qoy bir dəfə də kazak döysün. Nə olardı, ölməyəcəkdim ki! Əlbəttə, döyüb, döyüb çıxıb gedərdi və borc pul lazım olsaydı, aldığım yeri bilərdim. Bir də mən belə güman elədim ki, sən o pulu kazaka peşkəş verirsən. İndi ki, borc hesab edirsən, baş üstə, gedib bu saat gətirim. (Mirzəyə) Mirzə Kərim, gör yanında pul varsa, beş manat ver. Sabah həftə bazarına inək aparacağam satmağa, satıb gətirib pulunu verərəm. Mirzə əlini salır cibinə. Mustafabəy. Bəs mənim pulum üç ildir qalıb, onun müamiləsi necə olsun? Mən hesab eləmişəm, sənin mənə olan borcun müamiləsi ilə bir yerdə iyirmi dörd manat elər. Mirzə Kərim. Bəy, siz belə etməyin, belə işlərə insaf yol verməz! Mustafabəy. Mən gərək bunların nəfəsini kəsim ki, ağılları başlarına gəlsin. Ocaqverdi. Mirzə Kərim, heç bir söz lazım deyil. Belə dövlətli bəy istəyən yerdə, mən çulucırıq verəcəyəm. Istər iyirmi dörd manat olmasın, yüz iyirmi dörd manat olsun. Bəy, sabah pulun çatar. Bir günün də müamiləsini gələrsən üstünə, hər nə qədər edərsə, alarsan. Mən kasıb babayam, budur, arpa aparıram, çörək eləyib yeyəcəyəm. Amma sənə plov lazımdır, üstündə yağlı əmlik əti olsun. Mustafabəy (hirsli). Di, sürün get. Gözünə girsin iyirmi dörd manat. Ocaqverdi. Xeyr, bəy, gözümə girməz, qəpiyinədək gətirib verəcəyəm. Yeyib gecələr də rahat yatasan! (Gedir.) Camaat, dallarında torba, keçirlər. Mustafabəy. Bihəya oğlu bihəyanın danışığına bax! Mirzə Kərim, bunlar hamısı sənin kələyİndir. Mirzə Kərim. Xeyr, bəy, ciyər yananda nəfəs əvəzinə alov çıxar. Uşaq (qəzet gətirir). Mirzə, dəftərxanadan göndəriblər. Mirzə Kərim (qəzeti açır). Qəribə işdir! Şəhərdən uzaq olmağın səməri budur. Mustafabəy. Nə olubdur? Mirzə Kərim. Təzə qəzetdir. Bakıdan gəlib, “Kommunist”. Mustafabəy. Kommunist? Yəni nə olsun? Mirzə Kərim. Kommunist nə olduğunu camaat sizə anladar. Bakıda Şura hökuməti elan olundu. Dövlətlilərin mal, əmlakı keçir ümumi camaat ixtiyarına. Fabriklər, zavodlar hamısı camaat malı olur. Bəylərin, xanların yerləri hamısı əllərindən alınıb camaata, rəncbərlərə verilir. Mustafabəy. Yalandır, yalan! Elə şey ola bilməz. Kimin nə ixtiyarı var mənim ata-babadan qalan mal-dövlətimi, əmlakımı əlimdən alıb, camaata paylasın?! Yalandır! Mirzə Kərim (qəzeti göstərir). Budur, baxın. Mustafabəy. Nəyə baxacağam! Hansı savadla baxacağam? Bu yalandır. Görəsən hansı əli dinc durmaz bu qəzeti yazıb göndəribdir. Mirzə Kərim, təvəqqe edirəm, bu qəzeti bir adama göstərmə. Mən şəhərə atlı göndərərəm, bir səhih xəbər gətirsin. (Çağırır.) Gülməmməd! (Gülməmməd daxil olur.) Gərək bu saat atı minib şəhərə gedəsən. Gülməmməd. Bəy, Cəfər öldü. İndi necə eləyək? Mustafabəy. Nə danışırsan? Necə öldü?.. Gülməmməd. Həqiqət, öldü. Mustafabəy (hövlnak qalxır). Gedək! (Ürəyi darıxmış yıxılır Gülməmmədin qucağına.) Mirzə Kərim. Ölməz, qorxma, yuxuya gedib. Ayılıb başqa bir dünya görəcəksən. Qisas dünyası!.. Pərdə * * * İkinci pərdə Həmin yerdə. Mustafa bəy və Gülməmməd söhbət edilər. Mustafabəy. A balam, bu kəndə nə olub? Xarabaya dönüb, bir insan görünmür. Gülməmməd. Camaat axşamdan gedib, vaxtdır, İndi qayıdarlar. Mustafabəy. Haraya gediblər? Gülməmməd. Həftə bazarına. Axşam yüzbaşı hökm gətirmişdi ki, Bakıda təzə hökumət əmələ gəlib. Nə bilim, deyirlər ki, bəylərin yerlərini bütün alıb rəiyyətə paylayacaqlar. İndi həftə bazarına hökumət adamları gəlib. Camaatı oraya çağırırlar ki, təzə zakonu onlara xəbər versinlər. Bu xəbər gələn kimi uçitel Mirzə Kərim camaatı yığıb başına dedi: gərək kənddə bir nəfər başıpapaqlı qalmaya. Hamını da həftə bazarına apardı. Yüzbaşının da ayağına buxov vurub, tövləyə saldılar. Camaatdan ayağına gücü çatan, həmin saat piyada yola düşdü. Qalanı da adama bir at, iki adama bir at minib getdilər. Mustafabəy. Bəs bunu niyə mənə xəbər vermədin? Gülməmməd. O vədə sən yatmışdın. Oyatmağa cürət eləmədim. Bir də, bəy, xəbər verməyin nə faydası?! Buranın bəyi Mirzə Kərİmdir. Camaatın uşaqlarının başlarını tutub bir-bir kəsə, ondan inciməzlər. Mustafabəy. Mirzə Kərim də gedib? Gülməmməd. Məgər bilmirsən ki, camaat işlərində həmişə qabağa düşən Mirzə Kərimdir? Vaxtında cilovunu çəkmədin. İndi də dalını bağlamaq olmayır. Mustafabəy. Nə çarə qılım? Pristava neçə dəfə dedim. Naçalnik bizə gələndə ona yalvardım, bu nadürüstü mənim başımdan rədd eləsin, söz verdi. Sonra şkolalar böyüyü gəldi. O da deyir ki, bəy, İndiyə tək bu kənd şkolası on-on beşdən artıq şagird görməyib. Amma Mirzə Kərim yetmişdən artıq yığıb. Belə əvəzsiz müəllimi heç vaxt götürmək olmaz. Deyir, əgər şkola tutsa, camaat ona iki yüz uşaq verər. Xülasə, ondan da əlac olmadı. İndi gərək başımızı noxtalayıb verək oğul-uşaq əlinə! Gülməmməd. Bəy, özün də boşluq eləyibsən. Nə olardı, gədələrin birinə min manat verəydin, qulağının dibinə bir güllə qoyaydılar, yataydı yerə!.. Mustafabəy. Elə onu de də! O da mənim axmaqlığımdan! Bundan sonra onun qabağında durmaq olacaq?! Gülməmməd. Bəy, mən bundan da bədtərindən qorxuram. Mustafabəy. Necə bədtərindən?! Gülməmməd. Qorxuram, canımız da əldən gedə. Yüzbaşının ayağına buxov vuran kimi, bizə də əl qatarlar. Ələlxüsus ki, həftə bazarından ağzı yelli gələlər. Hətta bunu sizə demək istəyirdim. Gedəndə deyirdi ki, bazardan qayıdandan sonra Mustafa bəyi yüzbaşıdan pis kökə qoyacağam!.. Mustafabəy (fikrə gedir). Yaman günə düşmüşük. Doğrudan da, haramzadədən nə desən çıxar. Bilirsən, Gülməmməd, biz burada dayana bilməyəcəyik. Uşaqlara deginən atları çəksinlər, minək, bir yana çıxaq. Gülməmməd. At nə gəzir minəsən. Mustafabəy. Necə? Nə söyləyirsən?! Gülməmməd. Söyləmək yoxdur, axşam mehtər tövlənin qapısını açıb, atların hamısını verdi camaata! Sənin kürən atını da Mirzə Kərim mindi. Mustafabəy. Bircə a nadürüst mehtəri buraya çağır, onun atasına od vurum. Tez çağır! Gülməmməd. Burada mehtər nə gəzir, çağırım! O da mənim atımı minib gedib. Mustafabəy. Bəs, o bədbəxt oğlu, niyə gəlib mənə xəbər vermədin? Yatmışdım, ayağımdan sürüyüb oyada idin. Gülməmməd. Çox da oyatdım, nə faydası? Bir az da hörmətin gedəcək idi. Mehtərə mən deyəndə ki, ay balam, mənim atımı niyə minirsən, dedi, dayan, bazardan gəlib sənin özünü minəcəyəm. Hələ çox söz dedi, doğrusu, demək istəmirəm. (Bir az dayanıb) Hələ sənin də haqqında bir az artıq-əskik danışdı. Deyir, ağanla sən mənə eşşək arpası yedirtmisiniz. İndi də plovu yeyib arpanı sizə yedirdəcəyəm. Xülasə, çox baş apardı. Mustafabəy. Yox, iş qorxuludur. (Gülməmmədə) Xata görünür, uşaqlara deginən ki, hamısı yaraqlansınlar. Gülməmməd. Bəy, bu kənddə başıpapaqlı bir sənsən, bir də mən! Mustafabəy. Bəs nə etməli, nə çarə etməli? Gülməmməd. Özünü toxtaq saxla, budur, camaat qayıdır. Mustafabəy (həyəcanla gəzir). Yox, yaman yerdə axşamladıq. Hamısını eləyən o Mirzə Kərİmdir. (Cavan bir kəndli səhnədən keçir.) Ay gədə, bir dayan görüm.(Kəndli dayanıb əyri-əyri baxır.) Keçəndə niyə salam vermirsən? (Kəndli cavab verməyib keçərkən) A gədə bir dayan! Cavankəndli (dayanır). Nə deyirsən? Mustafabəy. Haradan gəlirsən? Cavankəndli. Həftəbazarından. Mustafabəy. O Bakıdan gələnlər kİmdir? Nə danışırdılar? Cavankəndli. İndi vaxtım yoxdur, sonra deyərəm. (Gedir) Mustafabəy. Bihəyanı görürsən! Gülməmməd. Allah bədtərindən saxlasın. Mirzə Kərim səhnədən keçir. Mustafabəy. Mirzə Kərim, Mirzə Kərim. Bir buraya zəhmət çək. Camaat dəstə ilə keçir. Mirzə Kərim. Nə buyurursan, bəy? Mustafabəy. Bircə sən bu işləri mənə başa sal! Mirzə Kərim. Mən, doğrusu, heç bir şey başa sala bilmərəm! Mustafabəy. Bu Bakıdan gələnlər necə şeydir? Mirzə Kərim. Bəy, mən bir neçə illərdir ki, bu barədə danışırdım. İndi dəxi sözüm yoxdur. Bundan sonra camaatla özünüz danışacaqsınız. Mən vəzifəmi qurtarmışam! Mustafabəy. Doğrusu, mirzə, camaatın halını pis görürəm. orxuram, məni bihürmət eləyərlər. Sən onlara nəsihət elə. Deginən ağsaqqal ağanızdır, onun hörməti vacibdir. Əgər istəmirlər, baş üstə, mən elə bu gün buradan baş götürüb gedərəm. Kənd də sizin, mülk də sizin, əkin də, su da, heyvanlar da... Mirzə Kərim. Bəy, cavabını bir neçə gün bundan qabaq döydürüb öldürdüyünüz Atakişi oğlu Cəfərin oğlu sizə verər. Mən çox dedim. Hərgah mənim dediklərimə əməl olunsaydı, girə də düşməzdiniz! Mustafabəy. Mirzə Kərim, avamam, savadım yoxdur, dərsim yoxdur. Başa düşməmişəm. Amandır, camaat hamısı sənin sözünə baxır. Gərək mənə sən bir təhər çəkəsən! Mirzə Kərim. Səhv edirsiniz, bəy. Heç bir savad əhli sən görən işi bacarmaz. Heç bir alim ustalıqda sizə çatmaz! Siz nə buyurursunuz! Bağışlayın, mənim əlimdən heç bir şey gəlməz. Budur, camaat gəlir. Söhbəti eləyə bilərsiniz. Mirzə Kərim çəkilir kənara. Bu dəstə camaat, qabağında Ocaqverdi, əli ndəqırmızı örtülü tabaq daxil olur. Səhnə oğul-uşaqla dolur. Ocaqverdi (baş əyir). Bəy, sən İndiyədək bizə ağalıq eləyibsən. Babalarımız sənin babalarına qulluq edib. Atalarımız atanızın qapısında olublar. Özümüz də özünüzə nökər olmuşuq. İndi də işlər dəyişib. Hamı bəylərin yerləri və dövlətləri rəiyyətə paylanır. Biz də borc bilirik, gəlib səndən İndiyədək gördüyümüz insaniyyətin, yaxşılığın razılığını edək. Həmişə qapına taxıla, pula gəlmişik, çörəyə gəlmişik, heç vədə əliboş yola salmayıbsan! Biz səndən çox razıyıq. Allah səndən razı olsun. Mustafabəy. Camaat, Allah bilir ki, mən heç vədə sizi öz övladımdan seçməmişəm. Həmişə sizin xoşbəxtliyinizi istəmişəm. Doğrudur, bəzinizi incitmişəm, ola bilsin döymüşəm, ya söymüşəm. Hamısını atalıq, böyüklük cəhətincə eləmişəm. Amma yenə də təvəqqe edirəm məni bağışlayasınız!.. Mən özüm öz xoşumla var-yoxumu sizə verib, bu gün buradan gedəcəyəm. Ocaqverdi. Allah sizdən razı olsun, ağa! Biz səndən çox razıyıq və səni buradan heç yana qoymayacağıq gedəsən! Gərək həmişəlik bizim içimizdə qalasan. (Tabağı qoyur yerə.) Bu peşkəşi də təvəqqe edirik biz nökərlərinizdən qəbul edəsən. Mustafa bəy peşkəşi alır, örtüyü götürdükdə bir dənə ilmək hörülmüş kəndir görüb rəngi qaçır və özünü itirir. Ocaqverdi. Bəy, bu bir şey deyil, bu həmin Cəfər kişinin boğazına çalıb sürütdürdüyün kəndirdir. Bilirsən, bəy, sən bu ağacı çox sevirsən və həmişə də deyirdin ki, mən vəsiyyət edəcəyəm ki, öləndə məni bu ağacın dibində basdırsınlar. İndi biz də belə məsləhət görmüşük ki, səni bu ağacdan asaq, həmin bu qanlı iplə və bədənini də öz vəsiyyətinə görə burada basdıraq! Ta həmişəlik bu sevgili ağacın kölgəsində yatasan. Bu istəkli nökərin Gülməmmədi də səndən ayırmayacağıq. Zəhmət olmasa, ayağa qalx! (Mustafa bəy istəyir söz desin, dili tutulur, söz deyə bilmir.) Uşaqlar, deyəsən bəyin qıçı ağrıyır, ayağa qalxa bilmir. Heç zəhmət verməyin! Gəlin özünüz götürün! (Bəyə) Bəy, heç sizə əziyyət olmayacaq. Kəndir qayda ilə sabunlanıbdır. Üç dəqiqdən sonra ruhun cənnətdə plov yeyəcək. Gətirin, uşaqlar. (Neçə nəfər cavan, bəyi gətirib ağacdan asırlar.) Gülməmmədin də qollarını bağlayın. Gülməmmədi də tuturlar. Gülpəri (daxil olur). Bunumu istəyirdin, Mustafa bəy? İndi al payını! Camaat, mən sizin qızınızam. Bu zalım məni güclə atamın əlindən alıb, gətirib zindana salıb, İndiyədək əzab verirdi. İndi bu cəzasına çatdı. Mən də bunun qapısını sizə açıram. Gəlin nə qədər pulu, malı, dövləti, qızılı var, hamısını aparın. Hamısı sizə Qurbandır. Camaat tökülüşürlər. Mirzə Kərim (qabağa yeriyir). Camaat, sakit olun. (Hamı sakit olur.) Mustafa bəyin dövlətindən gərək heç şey dağılmasın. Hamısı gərək siyahiyə salınsın və qayda üzrə camaat vəkillərinin ixtiyarına verilsin ki, onlar da camaata təqsim etsinlər. İndi, camaat, min illərlə boynumuzda olan əsarət zənciri qırıldı və bu əmlaka siz sahib oldunuz. Siz də gərək sübut edəsiniz ki, bu nemətlərə layiqsiniz. İndiyədək bəylərə işləmisiniz, İndi özünüzə işləyəcəksiniz. Bəy sizi zorla işlədib, İndi isə özünüz həvəslə, uşaqlı-böyüklü çalışasınız və ikiqat, üçqat zəhmət çəkib bu ixtiyarınıza keçən mülkü abad edəsiniz. İndiyə qədər gündüzlər işləyib gecələr yatıbsınız. İndi isə lazım olsa gərək gecə də işləyəsiniz. Gərək sizin hər birinizin daxmalar əvəzinə gözəl imarətiniz olsun. Qapınızda heyvanlarınız olsun. Evlərinizdə elektrik çıraqları yansın. Yavan çörək əvəzinə plov yeyəsiniz. Bunun hamısı zəhmətlə olar. İndiyədək hökumət pulun əlində idi. Bundan sonra hökumət zəhmətkeşlərin əlində olacaq. Ağ əllərin dünyası məhv oldu. İndi yaşasın qabarlı əllər!.. Camaat. Yaşasın Mirzə Kərim! Yaşasın bizim müəllimimiz!.. Mirzə Kərim. Analar, bacılar! Siz də cəhrələrinizi, daraqlarınızı sazlayın, başlayın yun əyirməyə, şal toxumağa. Sizin yolunuzda qanlar töküləcək. Çünki hələ dünya təmizlənməyibdir. Mustafa bəylər çoxdur. Bu yolda çalışan cavanlarımıza libas lazımdır. Bunu siz analar verəcəksiniz. Xırda uşaqlar da gərək məktəbə getsinlər. Çünki bizim gələcək ümidlərimiz balalardır. Məktəbimiz dar olmağına görə Mustafa bəyin evini məktəb və camaat evi qayırırıq. Haydı, qardaşlar, ürəklə yapışın kotanın dəstəyindən! Yaşasın zəhmət! Məhv olsun zülm! Camaat. Yaşasın zəhmət! Yaşasın Mirzə Kərim! Mirzə Kərim. Yaşasın camaat hökuməti! * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-agac-kolgesinde İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.