Baba yurdunda Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Baba yurdunda Beş pərdədə İştirak edənlər: Cahangirağa – iyirminci əsrin əvvəlində, Pərviz xan nəslindən bir mülkədar, otuz beş yaşında Ehsanxan – qoca mülkədar, Cahangir ağanın mülk qonşusu Namaz – Cahangir ağanın darğası Gülnisə } kənd qızları Balaqız } kənd qızları Həsən – Gülnisənin atası Tubu – Həsənin arvadı Sadıq } kəndli Həzrətqulu } kəndli Şahmarbəy - pristav Aşıq Cəfər – saz aşığı Iskəndərzadə – dairə icraiyyə komitəsi sədri MirzəSəməd – katib Kəndlilər, şikayətçilər, qadın, yasovul,yüzbaşı, toybaşı, fərraş, mirab,milisioner və s. * * * Birinci pərdə Cahangir ağanın evinin qabağında bir bağça. Neçə nəfər fəhlə işləyir. Arvadlar, qızlar alaq edirlər. Gülnisə (Balaqıza). A Balaqız, daha mən sabahdan buraya işləməyə gəlməyəcəyəm. Balaqız. Niyə gəlməyəcəksən? Gündə dörd abbası pul alırsan, az ki deyil. Gülnisə. Dörd abbasını mənə harada işləsəm verərlər. Balaqız. İmdi ki elədir, daha niyə gedib qapılarda işləyəsən? Öz evinin içində öz ağamıza işlə. Gülnisə. Yox, iş onda deyil. Balaqız. Bəs nədədir? Gülnisə. Doğrusu, mən ağadan qorxuram. Balaqız. Niyə qorxursan? Ağa ki, səni tutub yeməyəcək. Gülnisə. Danışanda adamın gözünün içinə bir tövrlə baxır ki, az qalır adamın bağrı yarılsın. Hərdənbir ondan elə sözlər eşidirəm ki, heç anadan olandan eşitməmişəm, lap qulaqlarım taqqıldayır. Balaqız. Özgə ağalar da bunun kimi. Ağalar, bəylər hamısı bir cürdür. Bir düzgün qız sifəti görəndə ağızlarının suyu axır. Gülnisə. Məndə düzgün sifət nə gəzir, ağaların xoşuna gələ? Balaqız. Nahaq yerə özünü mazata qoyma. Bu kənddə səndən gözəl kim var ki? Kəndin oğlanları hamısı səndən ötrü divanədirlər. Bax, o qıraqda işləyən Sadığı görürsən? Budur, iki ildir sənin dalınca sürünür. Elə bilirsən heç kəsin xəbəri yoxdur? Səfi oğlu İskəndər gecələr səhərədək sizin doqqazda bayatı çağırır. Heç nahaq yerə ağzını yorma. Bilirəm, sənin də onda könlün var. Nə olar? Yaxşı oğlandır. Çox mübarək olsun. Atayın deyəsən ondan xoşu var. Gülnisə. Atamın çox da xoşu olsun, mənim onda (barmağının ucunu göstərir) heç bircə belə də könlüm yoxdur. Qoy boğazı yırtılınca bayatı çağırsın. Balaqız. Bilirəm, bilirəm! Özünü faqqılığa vurma. O günü qızlar nağıl eləyirdilər ki, sən bulaqda su dolduran vaxt İskəndər səni gendən alma ilə vurub. Sən də dönüb baxıb gülübsən. Sonradan o yan-bu yana göz gəzdirib, görübsən ki, baxan yoxdur, almanı yavaşcadan götürüb cibinə qoyubsan. Gülnisə. Yalandır, atamın canı üçün yalandır. Üstümə nahaqdan şər atırlar. Qadam onun almasına da, özünə də. Balaqız. Yalan deyil. Nahaq yerə and içmə. Doğrudur, bir də üstündən. Gözləri ilə görənlər deyiblər. Gülnisə. İmdi ki belədir, yaxşı eləyirəm. Əlimin içindən gəlir. Əvvəlaxır bir qız bir oğlanındır. Atam evində qalıb un çuvalına tay olmayacağam ki?! Cahangir ağa içəridən çıxır. Qızlar danışığı kəsirlər. Cahangirağa. Namaz! Namaz! (Çağırır.) Namaz (kənardan). Bəli, ağa. Cahangirağa. Bu axşam uşaqlardan bir-iki nəfər göndər, gedib suyun başını pambığa sarı çevirsinlər. Pambıq yanır, heç kəsin xəbəri yoxdur. Namaz. Çox yaxşı xəbərim var, ağa. Ancaq iki gün Cəbrayıl kişiyə axacaq, ondan sonra növbət bizim pambığa düşəcək. Cahangirağa. Cəbrayıl kişi qələt eləyir. Onun yarım desyatin pambığı yanacaq deyə mən özümə otuz min ziyan vura bilmərəm ki. Nə tövr deyirəm, elə də elə. Namaz. Baş üstə, ağa. Cahangirağa. Uzaqdan niyə danışırsan? Yavuğa gəl görüm. (Namaz yavuğa gəlir.) Gədələrin çörəkləri qurtarıb. Dəyirmana yarım çuval darı, yarım çuval arpa göndər, üyüdüb gətirsinlər. Yoxsa axşam uşaqlar ac qalarlar. Namaz. Baş üstə. Cahangirağa. Arvadına da tapşır, yağ çalxayandan sonra ayranını çürüdüb şor qayırsan a... Səhər uşaqlar çörəklərinə yavanlıq eləsinlər. Namaz. Baş üstə, ağa. Cahangirağa. Ova gedən uşaqlar bir şey vura biliblərmi? Namaz. Bəli, ağa, iki qırqovul, bir turac, bir dənə də dovşan vurublar. Cahangirağa. Xub, dovşanı ver özləri bişirib yesinlər. Turacı ver kabab eləyib axşam plovun yanına qoysunlar. Qırqovulları da bir adamnan pristava göndərərsən. Namaz. Ağa, pristav səhər buradan Xocabəhmənliyə adlayıb və deyibdir ki, qayıdan baş Cahangir ağa ilə görüşəcəyəm. Qırqovulları da qayıdanda yasavuluna verərəm. Cahangirağa. Xocabəhmənlidə görəsən nə ittifaq olub? Qanzad düşməmiş ola. Olsaydı, biz bilərdik. Gərək ki, camaat zorla bəyin yerini əkib. Pristav da bəyin harayına gedib. Qayıdanda özündən soruşaram, nağıl elər. Camaat getdikcə xarablaşır. Gədə-güdəni dİndirmək də olmur. Namaz, bir buraya gəl. (Çəkir səhnənin qabağına.) Heç görürsən bu Həsən kişinin qızı Gülnisə nə maldır?! Dünyanın xəracına dəyər. Namaz. Nə çarə eləməli, ay ağa? Armudun yaxşısını meşədə ayı yeyər. Səfi oğlu İskəndər bu qıza bənddir. Həsən kişinin də yedəyini əldən qoymur. Həsən kişinin də deyəsən qızı ona verməyə könlü var. Odur, yenə ikisi bir yerdə gəlirlər. Həsən və İskəndər, əllərində şana, gəlib salam verib keçmək istəyirlər. Cahangirağa. A Həsən, axır deyəsən bu İskəndərlə çox dostsan? Həsən. Neyləyim, ay ağa? Oğulsuz gərək özünə oğul axtarsın. İskəndər də mənim oğlum olub. Cüt əkirəm, öküzlərin qabağınca gedir, xırman döyəndə, yenə kömək eləyir. Taxılı putqa qayırır, sovurur... Yaxşı oğlandı, ömrü uzun olsun. Cahangirağa. Deməli, İskəndəri özünə oğul eləmək istəyirsən? Çox mübarəkdir! Toyunu da özüm eləyəcəyəm. Həsən. Şəfaətin artıq olsun. Kölgən bizim üstümüzdən əskik olmasın. Eləsən də sağ ol, eləməsən də. Cahangirağa. Yox, yox!.. İskəndər yaxşı oğlandır, qulluqdar oğlandır. Həsən. Öz nökərindir. Mürəxxəs olaq qulluğundan. Cahangirağa. Xoş gəldiniz. (Həsən və İskəndər gedirlər. Namaza.) Heç insafdır ki, belə məlaikə kimi qızı əldən buraxım? Keçmiş zamanlar olsaydı, asandı, çəkib aparardım evə, heç kəsin də ağzını açıb danışmağa həddi olmazdı. İmdi zəmanə başqadır, zakon başqadır. Eləmək olmaz. Kəndlilərin gözəl qızları hamısı mənim babalarımın malları idi. Amma biz gendən baxıb ağzımızın suyunu uduruq. Namaz. Ağa, istəsən H ə s ə n kişinin qızı yenə sənin ola bilər, birçətin iş deyil. Cahangirağa. Necə ola bilər? Mən gedim rəiyyətimin nişanlısını əlindən alım? Bu yaramaz. Bir özgə yol da bilmirəm. Namaz. Ayrı yol, bir təhərlə İskəndəri aradan çıxartmaq. Sonra iş asandır. Cahangirağa. Onu mən də fikir eləyirəm. Ancaq necə eləməli ki, üstü açılmasın? NamazO mənim əlimdə. Cahangirağa. Yəqin? Namaz. Yəqin. Cahangirağa. Bəşərti, mənim adıma ləkə toxunmaya. Namaz. Dərə işi mənim əlimdə, divan işi sənin. Pristavla dostsan, silistçi ilə dostsan. Onlar səni heç kəsin ayağına verməzlər. Heç sənin adını da çəkən olmaz. Sən yayın get evə, işin axırını gözlə. Mən Namaz deyiləm, əgər Gülnisə sənin olmasa. Cahangirağa. Mən getdim, xələtin də gözümün üstündə. (Gedir.) Namaz (kənarda işləyən kəndlini çağırır). Sadıq! Sadıq! Sadıq. Nə deyirsən, Namaz əmi? Namaz. Gəl, dəyirmana bir az arpa ilə darı apar, üyüt gətir. Axşam yemək istəyəcəksiniz. Sadıq (yavuğa gəlir). Dəni dəyirmana nədə aparacağam? Namaz. Həmişə nədə aparıbsan, yenə onda. Öküzləri qoş arabaya, dəni at arabanın üstünə, sür apar... Bir yavuğa gəl, bir söz də deyəcəyəm sənə. Sadıq (gəlir onun yanına). Nə söz deyəcəksən? Namaz. H ə s ə nlə İskəndərin buradan keçdiklərini gördün? Sadıq. Gördüm. Namaz. Gördün necə mehriban gedirdilər? Həsən Gülnisəni ona vermək istəyir. Payız düşən kimi də toyunu eləyəcək. Sadıq. Elə iş ola bilməz, Namaz əmi! Mən dünyanı dağıdıram. Özümü öldürərəm ki, o qızı qoymaram başqa adam aparsın. Namaz. Sənin namuslu oğlan olduğunu bütün aləm bilir. Hamıya da məlumdur ki, budur, iki ildir sən Gülnisəni istəyirsən. Əgər mən səni oğlumdan artıq istəmirəmsə, Yezidə gələn lənət mənim canıma gəlsin. Doğrusu, bu işi mənim də namusum götürmür. Sadıq. Qızın anası mənim anama söz veribdir. İmdi necə qızı özgə adama verə bilərlər? Yoxsa mənim dəli cinimdən xəbərləri yoxdur? Namaz. Anası çox da söz verib. Həsən kişi arvadın ağzına baxacaq? İmdi gül kimi qızı götürüb verəcək İskəndər kimi itin birinə. O da papağını qiyğac qoyub sənin qabağında gəzəcək. Sən də ondan sonra adını kişi qoyub, tay-tuş arasında gəzəcəksən. Sadıq. Onda mən atamın oğlu olmaram, ona bir elə güllə vurmayam ki, toyuq kimi partlamasın! Namaz. Qız əldən çıxandan sonra İskəndərə otuz güllə vur, nə faydası? Bu saat Həsən özü ağaya dedi ki, İskəndəri oğulluğa götürmüşəm. Yəni ki, qızımı ona verəcəyəm. Doğrusu, mən yenə deyirəm, bu işləri mənim namusum götürmür. Nə deyim?! Sənin yerinə mən olaydım... Bu saat o kafir oğlu İskəndərin qabırğasına bir şax güllə çaxardım. İskəndər qızı alandan sonra gərək daha sən kəndin arasında görünməyib, başını alıb gedəsən. Sadıq. Nə olub qürbətə gedim? Heç getmərəm, bir də üstündən, elə bu saat onun atasını yandıraram. Namaz Bax, belə danış, qoçaq oğlum! İmdi görürəm sən Aslan kişinin aslan oğlusan. Əlindən gələni əsirgəmə. Cahangir ağa kimi kişinin nökərinə kimin ağzıdır güldən ağır söz deyə bilsin?! Qanı arada gedər. Gülnisə də olar sənin halal malın. Sadıq. Yəqin İskəndər bu saat Həsən kişinin qapısında ot tayalayır. Həsən kişinin həyəti, ağalıq damın üstündən apaçıq görünür. Çıxıb oradan onu tuşlayıb elə vurram ki, ağzını bircə dəfə açıb yumar. Namaz. Onda daha dayanmaq yeri deyil. Sadıq. Namaz əmi, tüfəng haradadır? Namaz. Damda, divardan asılıdır. Özü də dolu. (Sadıq yüyürür. Namaz onun dalınca ucadan). Arpa da, darı da anbardadır. Hər birindən yarım çuval ölç, apar dəyirmana. Sadıq. Baş üstə. (Gedir.) Cahangir ağa pəncərədən baxıb, əhvalatın hamısını görür, Sadıq gedəndən sonra, çıxır eşiyə. Cahangirağa. Namaz, deyəsən şeytan işi tutdun. Namaz. Ağasına doğruluqla qulluq eləyən, şeytanın atasının da işini tutar. İndicə iş tamam olar. Nökər (yüyürərək gəlir). Pristav bu saat atdan düşdü, gəlir buraya. Cahangirağa. Gəlsin. Cahangir ağa qabağa gedir. Bağçada işləyənlər qalxırlar ayağa. Camaat pristavın gəldiyini görüb, ordan-buradan həyətə yığışırlar. Cahangirağa (pristava). Şahmar bəy, sübh buradan ötüb getdiyinizi eşitdim. Nə vaqe olmuşdu ki, yol üstündən dönüb bir-iki rumka konyak da içmədiniz? Şahmarbəy. Eybi yoxdur, əvəzini İmdi çıxaram. Yorulmuşam, istəyirəm bu gecə sizdə qonaq qalım. Cahangirağa. Bu, əvəzsiz iş oldu. Bəxtinizdən uşaqlar bu gün iki dənə qırqovul vurublar. Axşam plovun başına qoyarıq. Şahmarbəy. Cahangir ağa, mən gəlməsəydim, yəqin qırqovulları tək yeyəcəkdiniz, belə dostluq olmaz. Cahangirağa. Sizin canınız üçün, ikisini də sizə göndərəcəkdim. Namaza da tapşırmışdım. Namaz xəbər gətirdi ki, sübh gəlib buradan ötübsünüz və sifariş də eləyibsiniz ki, qayıdan baş buraya dönəcəksiniz. O səbəbə saxladım ki, özünüzlə aparasınız. İmdi ki burada qalmalı oldunuz, daha yaxşı, qırqovulları şərakətli yeyərik. (Çağırır.) Namaz! Namaz. Bəli ağa! Cahangirağa. Deginən Şahmar bəyin yasovullarına bir doğlu versinlər, özləri kəsib nə kefləri istəsə bişirsinlər. Namaz. Baş üstə. (Gedir.) Cahangirağa (nökərə). Ay gədə, get içəridən iki dənə kürsü gətir. (Nökər gedir.) Şahmar bəy, Xocabəhmənliyə getməkdə xeyir idimi? Şahmarbəy. Əjdər bəy kağız yazmışdı ki, camaat mədaxil vermək istəmir, əlbət özünü mənə yetirəsən. Onun üçün getmişdim. Cahangirağa. Bu nə əhvalatdır? Şahmar bəy. Boş işdir. Bu əyyamın cavanlarına Allah insaf versin. Həm hökuməti rahat qoymurlar, həm də öz evlərini yıxırlar. Bir nəfər cavan oğlan Moskvadanmı, haradanmı gəlib, camaata deyir ki, nə haqla bəy gedib evində ayaqlarını uzadıb yatır, siz də işləyib yığdığınızı aparıb ona verirsiniz? (Nökər iki ədəd kürsü gətirib qoyur. Cahangir ağa, pristav əyləşir.) Deyir, bəyin nəyi sizdən artıqdır, canı çıxsın, bəy də gəlsin sizin kimi işləsin. Camaat da onun sözünə inanıb, bəyin darğasını döyüb qovublar. Kəndə gedib haman oğlanı çağırıb ona dedim: “Oğlum, sən zəhmət çəkib oxuyursan ki, axırda bir çörək yiyəsi, ya rütbə yiyəsi olasan. İmdi mən səni tutub hökumətə versəm, bilirsənmi sənə nə elər?”. Birdən başını qalxızıb görün mənə nə deyir: “Mən elədiyimi çox yaxşı anlayaram. Hökumət əlinə də keçsəm, bilirəm mənə nə eləyəcəklər. Təvəqqe edirəm bu nəsihətləri öz qulluğunuzda saxlayasınız və nə qədər də mən ac qalsam, sizin qapınıza gəlməyəcəyəm”. Cahangirağa. Axmaq oğlu axmağın bihəyalığını görürsən? Şahmarbəy. Mən ömrümdə belə bihəya görməmişəm. Doğrusu, bir istədim buraxım çıxsın getsin, dedim, uşaqdır, anlamır. Ancaq daha belə danışmaqdan sonra, labüd qalıb, qollarını bağlayıb, göndərdim şəhərə naçalnikin ixtiyarına. Yolda deyirmiş ki: “Az keçməz, pristavın da qolunu ha belə bağlarlar”. Cahangirağa. Yox, zəmanə tamam dönüb. Şahmarbəy. Onu şəhərə göndərəndən sonra, kəndin neçə nəfər ağsaqqallarından qarın-qarına sarıtlayıb, ağılları başlarına gəlincə döydürdüm. Söz verdilər ki, ağanın mədaxili üç gün ərzində çatar. Güllə açılır pristav diksinir. Cahangirağa. Namaz, o nə tüfəng səsidir? Gör tüfəng atan kimdir? Zalım uşaqlarına min dəfə tapşırmışam ki, kənd içində tüfəng atmasınlar. Gedib adama, ya heyvana dəyər, peşmançılığı olar. Namaz gedir. Yasavul. Tüfəng ağalıq damın üstündən atıldı. Şahmarbəy (yasavula). Uşaqlara xəbər ver, evi əhatə eləsinlər. Güllə atan məlunu da hər kəs isə, gətirsinlər buraya. (Yasavul gedir. Namaz qayıdır.) Cahangirağa. Namaz, atılan güllə idi? Namaz. Deyəsən, güllə H ə s ə n kişinin qapısında bir adama dəyib. Oradan qışqırıq səsi gəlir. Arvad-uşaq da hər yerdən oraya yüyürüşür. Gülnisə (birdən qışqırır). Oy!.. Onu vurdular! Aman, aman! (Yıxılır. Balaqız onu saxlayır.) Balaqız. Qışqırma, ay qız, ayıbdır, ağa baxır. Kim bilir, ölən kimdir. Bəlkə heç adama dəyməyibdir. Gülnisə. Yox! Yox!.. Onu vurdular. Qolun qırılsın, qanlı! Qana batasan, qanlı! Oy, oy!.. (Ağlaya-ağlaya yüyürür, Balaqız da dalınca.) Yasavul (Sadığı gətirir.) Ağa, damdan güllə atan bu idi. Şahmarbəy. Qoçaq, damdan gülləni haraya atırdın? Sadıq. Qarğaya güllə atırdım, gündə gəlib toyuqların cücələrini daşıyır. Şahmarbəy. İmdi vurduğun qarğanı görərik. Həsən (ağlaya-ağlaya daxil olur). Ay pristav ağa! Ay Cahangir ağa! Mənim evim yıxıldı, qolumun qüvvətini, köməyimi əlimdən aldılar. Cavan, lay divar tək oğlanı vurub yıxdılar yerə. Əgər ədalət varsa, gərək zalımı cəzasına çatdırasan! Şahmarbəy. Vurulan kİmdir? Həsən. Başına dönüm, vurulan Səfi oğlu İskəndər, öldürən də bu zalım oğlu. (Sadığı göstərir.) Sadıq. Ay ağa, başın üçün mən qarğaya güllə atmışam. Mənim xəbərim yoxdur. Bəlkə güllə qəflətən dəyib. (Namaza) Namaz əmi, məni pristav ağadan zamına götür, mən heç yana qaçan deyiləm. Əgər sonra mənə bir günah sübut olsa, məni boğazımdan çəksinlər. Cahangir ağa, sən də pristav ağadan təvəqqe elə, məni zamına versin. Namaz. Heç kəs səni zamına götürməz. Məlun, Allahın lənəti sənin canına gəlsin! Mən səni dəyirmana dən üyütməyə göndərdim, yoxsa, dedim get, adam vur, öldür? Canın çıxsın, cəzanı çək! Cahangirağa. Şahmar bəy, təvəqqe edirəm, bu haramzadəyə necə lazımdır tənbeh olsun. Haramzadə, mənim evimdə əziz qonaq, sən çıxıb mənim başımın üstündən güllə atıb, adam öldürəsən? Şahmarbəy. Tənbeh, qanuna görə olacaq. (Yasavullara) Yüzbaşını buraya çağırın! Yüzbaşı: Buradayam, ağa. (Yeriyir qabağa.) Şahmarbəy (yüzbaşıya). Bunu apar Dustaq elə. (Yasavula) Sən də cəld get atını hazırla, kağız verəcəyəm, çaparaq aparıb verərsən silistçiyə, həkimlə bir yerdə sabah burada olsunlar. (Yüzbaşıya) Yüzbaşı, sən də əmr elə silistçi və həkim gəlincə meyiti dəfn eləməsinlər. (Cahangir ağaya) Cahangir ağa, buyurun kağız qələm versinlər. Cahangirağa. Buyurun, içəridə yazın. Pristav gedir. Yüzbaşı (Sadığa). Düş qabağıma, silistçi gəlincə səni mən yaxşı danışdıracağam. Sadıq. Ay ağa, ay Namaz əmi, məni zamına götürün. Mən silistçi gəlincə heç yana qaçmaram. Cahangirağa (yüzbaşıya). Yüzbaşı, pristavın əmrinə əməl elə. (Sadığa) Haramzadə, güllə atmağa başına yer qəhət idi? Gərək məni pristavın yanında xəcil eləyəydin, haramzadə! Yüzbaşı (Sadığı itələyir). Düş qabağıma! (Aparır, camaat da dalınca gedir.) Həsən (ağlayır). Ay insafsız oğlu, o yazıq sənə nə eləmişdi, onu qanına bələdin? Camaatdənbiri. Gərək bunu boğazından asalar ki, xalqa da göz olsun. Başqaları. Ay zalım oğlu, adam da İskəndər kimi oğlana qıyıb güllə atarmı? Ay sənin qolun yanına düşsün. Gedirlər. Cahangirağa. Bəd olmadı, Namaz, qoçaq adammışsan. Namaz. İmdi bunun dalından dəyib, əlli-ayaqlı itirmək lazımdır. Cahangirağa. O mənim əlimdə. (Gedir, Namaz da dalınca.) Pərdə * * * İkinci pərdə Həsən kişinin evi. Ortalıqda ocaq yanır. Küncün birinin qabağına çətən çəkilib, divarlardan torbalar asılıb. Bir küncdə iki-üç dəst yorğan-döşək yığılmış. Həsən kişinin arvadı Tubu əyləşib cəhrə əyirir, qızı Gülnisə tikiş işinə məşğuldur. Tubu. Ay qız, atanla bir yerdə şəhərə gedənlər hamısı qayıtdılar, İmdicə atan da gələcək. Qalx ayağa, ocağın üstünə bir qazan qoy. Bir az düyü arıtla, atana bir dövrə sütlü yayma bişir. Gülnisə. Bu saat duraram, ana. Tikişimin bir azca yeri qalıb, onu da qurtarım. Tubu. Bilmirəm bu bir arxalıq nə olubdur ki, budur beş gündür onu tikib qurtara bilmirsən. Mən evə girəndə tikişi alırsan əlinə, mən çıxanda dəm verirsən gözlərinə. Axır, ay bala, nə vaxtacan sən ağlayacaqsan? İmdiyəcən oğlu ölən kiridi, qardaşı ölən kiridi, amma sən kirimək bilmirsən. İskəndər sənin ərin deyildi, nişanlın deyildi. Öldürüblər, yəqin öldürənə də bir cəza verərlər. Daha sən niyə gözlərini kor eləyirsən? Gülnisə (qalxıb orta ocağı düzəldir). Ana, mən ona ağlamıram. Məni yandıran odur ki, onu Sadıq mənim üstümdə öldürdü. Atam vaxtında məni Sadığa versəydi, İmdi o bədbəxt sağ idi. Tubu. Onda da İskəndər vurub Sadığı öldürəcəkdi. Yenə elə sənin üstündə bir qan olacaqdı. Nahaq yerə, qızım, ölən ölüb, sən də öz canını puç eləmə. Nə çoxdur kəndimizdə yeniyetmə cavanlar. Onlardan da yaxşısına gedərsən. Bu ölüm də yadından çıxar. Özün də xoşbəxt olarsan. Gülnisə. Ana, məni daha öldürsələr də heç kəsə getməyəcəyəm. Bir də, atam gələndə deginən məni aparsın Qızıləhmədliyə, xalamgilə. Tubu. Çox yaxşı olar. İmdi atan gələndə deyərəm. Bir neçə gün orada qalarsan, qəmin-qüssən dağılar. Gülnisə. Doğrusu, ana, daha mən oradan buraya qayıtmayacağam. Mən buradan qorxuram. Tubu. Nədən qorxursan, qızım? Gülnisə. Özüm də bilmirəm nədən qorxuram. İskəndər ölən gündən gecələr rahat yata bilmirəm. Ürəyimə min cür qara-qara fikirlər gəlir. Gecə yuxuda gah məni qayadan atırlar, gah quyu dibinə salırlar. Axır ki, mənim başımın bir bəlası var. Tubu Bunlar hamısı İskəndərin fikridir. Bacar, yadından çıxart. Ondan sonra pis yuxu görməzsən. Gülnisə. Ondan deyil, ana, ürəyimə özgə fikirlər gəlir. Amma demək istəmirəm. Tubu. A qızım, bəs sən dərdini anana deməyib kimə deyəcəksən? Gülnisə. Ana, düyü torbası haradadır? Tubu. Orada, çətənin dalında göydən asılıb. (Gülnisə gedib düyünü gətirir). Di bircə de görüm dərdin nədir? Gülnisə. Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qatışdırım? (Düyü arıdır.) Tubu. Yarı süd elə, yarı su. Di tez ol dərdini söylə. Həsən (yorulmuş daxil olur). Bir belə əzab olar ki, bu ölmüş yabı mənə verdi. Budur, tamam bir ildir, deyirəm aparım bu çər dəymişi satım, məni qoymursan. Şallaq vurmaqdan qollarım, təkan vurmaqdan ayaqlarım az qalıb düşə. Zalım oğlunun satdığı, deyir, canın da çıxsa yerişimə bircə tikə haram qatmayacağam. Tubu. Yabı, yenə hər nədir, ayaqlarını yerdən götürür. Satanda ona nə pul verəcəklər ki, bir yaxşı at ala biləsən? Həsən. Yoldaşlar nə vaxtdır gəlib, evlərindədirlər, amma mən İmdi gəlib çıxıram. Hamıdan dalda qalmışam. Yolda Namaz deyir: “A Həsən kişi, özünə niyə bir əməlli at almırsan?”. Dedim: “A səni pir olasan, əməlli ata əməlli də pul istəyirlər. Haradan alım?”. Deyir: “Sən bunu sat, başdan elə, Cahangir ağaya mən deyərəm kəhər yabını sənə bağışlasın, quş kimi uçan bir atdır”. Deyirəm: “Yaxşı, Cahangir ağa mənə nə üçün at bağışlasın?”. Deyir: “Ağanın sənə çox iltifatı var”. (Bu yerdə Gülnisə düyü boşqabını əlindən salıb hönkürtü ilə ağlayır.) Ay qız, sənə nə oldu, niyə belə ağladın? Gülnisə. Heç, ata, elə sənə ürəyim yandı. Axır sən niyə elə olasan ki, özgələrin rəhmi gəlib, at bağışlayalar. Həsən. Ağlama, qızım, ağanın məgər rəiyyətinə şəfaəti olmaz? Gülnisə. Istəmirəm, bağışlamasın, lazım deyil. (Hönkürərək evdən çıxır.) Həsən. Bilmirəm bu yazıq qıza nə olub, dİndirirsən gözlərindən yaş tökülür. Tubu. İskəndər vurulandan bəri, elə günü budur. Nə qədər nəsihət eləyirəm, olmur. İmdi deyir atam məni xalam evinə aparsın. Sabahda-zadda onu apar qoy xalasının yanında, bir-iki ay orada qalsın, bəlkə fikri dağıla. Həsən. At məni çox incidib. Bir-iki gün dincimi alım, götürüb apararam, yaxşı olar. Gülnisə daxil olub, qazanı gətirir. Tubu. Ay qız, qazanı haraya aparırsan? Gülnisə. Aparıb qapıda bişirəcəyəm. Burada ocaq tüstü elər, bəlkə atam yatacaq. (Çıxır.) Tubu. Yazıq qız saralıb, zəfərana dönüb. Həsən. Qara torpağın üzü soyuq olar. Ağlayıb, ağlayıb, axırda sakit olub, oturacaq yerində. Tubu. Bircə de görüm, Sadığın işi hancarı oldu? Həsən. Ay kişi, cümlə dünyanı axtarsan Cahangir ağa kimi ağa bir də özüdür. Şahidləri necə var doydurmuşdu. Namazın sözü ilə şahidlərə beş yüz manatacan pul paylayıbdır və tapşırıbdır ki, bacardıqca o kafir oğlunun peyini vursunlar. Şahidlər də, qoçaqlarım, necə ki lazımdır danışdılar. Gör kafir oğlu sudlara nə deyir? Deyir: “Mənim İsgəndərlə bir ədavətim yox idi, məni yoldan çıxardıb, onu öldürən Cahangir ağanın darğası Namaz oldu”. Guya Namazın İskəndərlə bir karası var idi. Axmaq oğlu axmaq, danışmağa söz də tapmadı. Axırda yeddi il Sibir kəsdilər. Tubu Bəs İskəndər kimi cavanın qanı yerdə qalacaq idi? Gülnisə daxil olub, düyü gətirir və danışığı eşidib, dayanır. Həsən. Xülasə, Cahangir ağa olmasaydı, şahidlərin çoxu sözlərini dəyişdirəcəkdilər. Ağa deyir: “Mənim İskəndər kimi qoçaq rəiyyətimi öldürəni gözümün qabağında tikə-tikə doğrayalar, uf da demərəm”. Sağ olsun Cahangir ağa, əsl ağadır. Çöldən Namazın səsi gəlir. Namaz. Ay H ə s ə n, ay H ə s ə n! Həsən (qalxır). Bu, Namazın səsidir. (Cavab verir.) Bəli! Bəli! Namaz (çöldən). Bir çıx, bu itlərin qabağında dur. Gülnisə. Ata, o buraya niyə gəlir? Həsən. Nə bilim, ay bala, əlbət bir işi var ki, gəlir. Gələndə nə olar? Gülnisə. Yox, gəlməsin, gəlməsin! O buraya gəlsə, mən özümü boğub öldürəcəyəm. Həsən. Axmaq qızı axmaq. Başına hava gəlməyib? Özünü niyə boğursan? Namaz buraya gələndə qiyamət qopmaz ki? Mən durub ağanın darğasını evimdən qovacağam? (Qapıya tərəf gedir.) Gülnisə (onun ətəyindən yapışır). Ata, Qurbanın olum, o kişini evinə qoyma. Mən ondan qorxuram. Həsən. Axmağın biri, əl çək görüm a!.. Gülnisə ağlayaraq o biri qapıdan gedir. Tubu. Bu qız başını götürüb haraya getdi? Dəli oldu, nədir? (Durub dalınca çıxır.) Həsən (çöldən). Buyur içəri, buyur! Namaz (daxil olur, dalınca Həsən). Bəs bu evin adamları haradadırlar? Həsən. Yəqin bayırdadırlar. Gəl otur görək. Bizi belə yada salmaqda xeyirdirmi? Namaz. Nəhlət şərrə! Xeyir olmamış nə var? Elə bir əhvalat var idi, onu sənə söyləməyə gəldim... (Çubuğunu çıxardıb doldurur.) Hələ qabaqca bir de görüm, nənəsi ölmüş Cahangir ağanı necə gördün? Nərdi, nər!.. Həsən. Doğrusu, mən onu belə bilmirdim. Kişi nəcib nəsildən olduğunu hamıya apaçıq göstərdi. Namaz. Zarafat deyil, ona Pərviz xanın nəvəsi deyərlər. Pərviz xanın adı İmdi də dillərdə danışılır. Necə ola bilər ki, onun rəiyyətini gözünün qabağında öldürsünlər, o da tamaşa eləsin? Yox, Cahangir ağa özgə kişidi. Sən bir o axmaq oğlu Sadığa bax, deyir: “Məni öyrədən ağanın darğası Namaz oldu”. Yaxşı, İskəndər Namaza nə eləmişdi? Namazın atasını öldürmüşdü? Namazın çörəyini əlindən alırdı, Namaz onu öldürtsün? Namaz ki, bir adamın toyuğuna daş atmayıb. Həsən. Bir az bundan qabaq elə mən də həmin sözü arvada deyirdim. Səni kim tanımır? Axmaq sözlərdi, ağzına gəlib danışırdı, elə bilirdi onunla canını qurtaracaq. Namaz. Hamı bilir ki, o sənin qızına nə qədər elçi göndərib. Axır baxıb gördü ki, sənin könlün İskəndərdədir, vurdu yazığı öldürdü. Həsən. Həqiqət, ədalət divan oldu. Yeddi il Sibir ona azdır, gərək onu boğazından çəkəydilər. Namaz. Cahangir ağaya deyirəm: ağa, doğrudan, böyük iş gördün. Deyir: “Bəs insafdır ki, oğulsuz, yiyəsiz Həsənin əlindən onun axır ümidini alıb, yazıq kişini əli qoynunda qoysunlar?”. Deyir: “Gərək mən əlimdən gələn yaxşılığı Həsənə eləyim, ta İskəndərin ölümü onun yadından çıxınca”. Mən dedim: ay ağa, Həsən kişinin yabısı heç zada yaramır, İndi ki, ona şəfaətin var, elə kəhər yabını ona bağışla. Buyurdu: “Yox, al bu üç yüz manatı, apar ver Həsənə, deginən özünə yaxşı at alsın. Artığına da bir muzdur tutub, işini gördürsün”. (Pulu verir.) Həsən (pulu alır). Şəfaəti artıq olsun, ömrü uzun olsun. Allah onun kölgəsini bizim üstümüzdən götürməsin. Namaz. Cahangir ağa bir söz də buyurur. Həsən. Bəli? Namaz. Buyurur ki, bu camaatın acığına gərək Həsəni öz döşümə çəkəm. Gərək onu elə bir adam eləyəm ki, baxanın paxıllığı tutsun. Həsən. Ağa mənə bir yerdən üç yüz manat pul göndərib. Daha bundan artıq nə iltifat ola bilər? Namaz. Xeyr, bu nədir ki? Belə xələtlərdən çox alacaqsan. Ağa buyurur ki, İmdi, ki İskəndəri özünə oğul eləyə bilmədi, camaatın gözünün qabağında özüm ona oğul olacağam. Həsən. Nə dedi? Anlamadım. Yəni necə oğul olacağam? Namaz. Daha niyə anlamırsan? Cahangir ağa məni sənin qızına elçi göndərib. Həsən. Namaz! Bu danışığı sən elə burada qoy qalsın. Mən hara, Cahangir ağa hara? Rəiyyətlə də ağanın qohumluğu tutarmı? Qızımı aparıb beş gün, on gün saxlayıb, axırda bir murdar əski kimi gətirib üstümə atacaq. Namaz. Nə danışırsan, a kişi, ağlını bir başına yığ. Cahangir ağa kimi nəcib ağa heç bir oymaqda tapılar? O səninlə niyə elə rəftar eləsin? O, Allahın əmri ilə sənin qızını istəyir. Məni də öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. Sən də öz qızıyın vəkili. Dur bu saata gedək axundun yanına, kəbinini kəsdirək, qurtarsın getsin. Həsən. Dayan, ağlım başıma gəlsin, sonra. Namaz. Ağlına nə oldu ki? Ağanın ancaq sənə yazığı gəlir. Deyir: “Ürəyin sınıqdır, düşmənin acığına, Həsənin qızını xanım, özünü qayınata eləyəcəyəm”. Budur, İmdi üç yüz manat göndəribdir, dalınca bir neçə sağmal inək verər, qapında saxlarsan. Ucu-bucağı tükənməz meşəsindən ağac-uğac verər, özünə bir yaxşı otaq tikdirərsən. Özünə və arvadına paltar alar. Bir beş adamın içində də təşəxxüslə özünü çəkib deyərsən ki, mən Cahangir ağanın qayınatasıyam. Pristav, görəcəksən, sənə əl verir. Bir hampa kişi olacaqsan. Yoxsa, deyirsən, qoy ağlım başıma gəlsin. Sənin ağlın başına gəlincə, görərsən ağanı da yerindən oynatdılar. Odur, Ehsan xan ayda bir ağanı evinə qonaq çağırır, neçə günlərlə yanında saxlayır. Mən də həmişə ağanın yanınca gedirəm. Gözüm də kor deyil, açıq görürəm ki, Ehsan xan istəyir Darab ağadan qızını boşadıb, bizim Cahangir ağaya versin. Ağa da deyir: “Mən dul arvad alan deyiləm”. Bir də görərsən Ehsan utandırdı, razı elədi və ya arvada cadudan-filandan düzəltdi. Fürsəti əlindən vermə, dur gedək mollanın yanına. Həsən (bir qədər fikirdən sonra). Yəni sən zamın olursan ki, mənim qızım həmişəlik Cahangir ağanın evində arvad olacaq? Namaz. Səhərdən bəri Quran oxuyuram, bu yenə öz dediyində durub. Həsən. Yaxşı, sən get, mən də dalınca gələrəm. Deyirəm, qızın anasına da bir gənəşim. Namaz. Daha nə gənəşmək? Arvadlıq burada nə iş var? Həsən. Arvadlıq bir iş yoxdursa da, yenə elə yaxşı olar. Xülasə, sən get məni mollanın evində gözlə. Namaz. Yaxşı, sən deyən olsun. Mən gedim, ancaq ləngimə, tez gəl. Həsən. Ləngimərəm. Bu saat gəlirəm. Namaz gedir. Tubu (daxil olur). Namaz getdi? O heç bizi bəyənib buralara gəlməz. İmdi nə olmuşdu? Həsən. Gəl bir yanını qoy, gör nə deyirəm. Tubu (oturur). De görüm nə var? Həsən. Şəhərdən biz yola düşəndə, bayaq sənə dedim ki, Namaz söz verdi ki, Cahangir ağaya desin, mənə bir yabı bağışlasın. İmdi budur, ağa Namaznan üç yüz manat pul göndərib ki, getsin özünə bir at alsın. Tubu. A kişi, bu pullardan ağa irəlilərdə niyə göndərmirdi? Yadındadırmı, darın yanırdı, getdin ağadan üç günlüyə yarım baş su istədin, onu sənə pulsuz vermədi. Dedi: “Gərək darıyın dörddə birini mənə verəsən”. Sən vermədin, darı da yandı. İmdi üç yüz manat birdən göndərir. Burada yəqin bir kələk var. Həsən. Kələk-mələk yoxdur. Ağa deyir ki, Həsənin əli İskəndərdən çıxıb, İmdi mən özüm ona, camaatın acığına, oğul olacağam. Tubu. Bir belə mıs-mıs eləyincə, bir yolluq deginən Mustafa. Deginən Namaz qızıma elçi gəlmişdi. Dur bu saat o üç yüz manatı at ağanın üstünə, soxsun gözlərinə! Bizə onun pulu lazım deyil. Mən üç yüz manata gül kimi qızımı satmaram. Həsən. Arvad, dəli-dəli nə söyləyirsən? Səndən pulnan qız alan kimdir? Kişi Allahın əmri ilə məndən qız istəyir. Namazı da öz tərəfindən kəbin kəsdirməyə vəkil eləyib. İmdi Namaz məni mollanın evində gözləyir. Tubu. Kişi, deyəsən, sənə qarğa beyni yediriblər, ağlın oynayıb. Ağa sənin tayın, tuşundur, ona qız verirsən? Qızını bir eləsinə ver ki, lazım olan vaxt qolundan yapışsın. Bircə de görüm, sən cüt əkən vaxt ağa gəlib sənin çargovuna minəcəkdirmi? Həsən. Axmaq-axmaq nə danışırsan, ay arvad? Tubu. Axmaq danışmıram, sözün gerçəyini mən deyirəm. Axmaq sənsən ki, bir az pul görmüsən, ağzıyın suyu axır. De görüm, sən darı cadını ayrana doğrayıb yeyəndə, ağa da bir qaşıq götürüb səninlə o doğramadan yeyəcəkdirmi? Sən boyunduruğu öküzlərin boynuna qoyanda, ağa da gəlib onun samı bağısını bağlayacaqdırmı? Həsən. Ay axmaq qızı axmaq! Çürük-çürük nə danışırsan? Kişi məni gözləyir. Sən də burada vələzzalin oxuyursan. Bunlar məgər ağa işidirmi? Ağanın cibi pulnan doludur. Əsginazdan verib fəhlə tutub işlədər. Özü niyə çargova minsin, ya xırman döysün? Tubu. Bizə özü işləyən lazımdır. Mən gedib günortayacan boynumu büküb ağanın qapısında işimdən avara ola bilmərəm ki, görüm ha vaxt ağa yuxudan oyanıb, mənim əlimə pul uzadacaq, mən də gedib muzdur tutacağam. Yox, ağa mənim tayım, yoldaşım deyil. Mən razı deyiləm. Həsən. Mən səni xəbərdar eləmək istədim. Sənin razılığını soruşan kimdir? Mən öz xeyrimi hamıdan yaxşı görürəm. Razı olmursan, heç olma! Tubu. Gedirsən get. Can sənin, cəhənnəm Tanrının. Sonra vaysınanda səninlən danışaram. Gülnisə (yüyürək daxil olub, atasının ətəyindən yapışır). Ata, ayaqlarının altunda ölüm, otur evdə, getmə! Həsən. Ay qız, sən nə deyirsən? Mən hara gedirəm ki? Gülnisə. Hamısını eşitmişəm, Qurbanın olum, dədə, getmə! Ya gedirsən, qabaqca mənim başımı kəs, ondan sonra hara gedəcəksən, get! Həsən. Axmağın qızı, çəkil o yana, qoy işimi görüm. Doğru deyiblər: “Rəhmət qapısı açıq olanda köpəyin yuxusu gələr”. Çəkil o yana! (İtələyib çıxır.) Gülnisə (yıxılır qalır, qeyri-təbii qışqırtı ilə). Ana, Qurbanın olum, onu qoyma getsin! Ana, sənə yesir olum, qoyma! Tubu. Anayın başına daş düşsün, öhdəsindən gələ bilirəmmi? Gülnisə. Ana, sən qardaşımın əziz goru, qoyma gedə! (Hönkürtü ilə yıxılır yerə.) Pərdə * * * Üçünücü pərdə Səhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası. Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə əyləşib söhbət edir. Otaqda Namaz və Həsən. Namaz. Həsən! Axır sən mənimlə düz dolanmırsan. Qorxuram axırda aramızda bir dava düşə. Həsən. Necə? Namaz. Daha burada bir “necə” yeri yoxdur. Sən deyəndə bir qotur kəndlinin biri idin. Mən səni gətirib bu mərtəbəyə çıxartmışam. Cahangir ağa ilə bir süfrədə oturub xörək yeyirsən. İmdi sənin mənə badalaq qurmağının heç adı yoxdu. Mənim adım darğadır. Səndən qabaq ağanın sağ əli mən idim. Sən bu qapıya ayaq qoyandan bəri, mən bilmirəm mənim işimin adı nədir? Sən gəl mənimlə düz yola get. Yoxsa doğrudan dalaşarıq. Mənə də Namaz deyərlər. Özün yaxşı bilirsən ki, mən istədiyimi tikərəm və tikdiyimi də bir göz yumub açınca uçurdaram. Həsən. Namaz, sən nahaq yerə məndən inciyirsən. Sən öz işindəsən, mən öz işimdə. Mənim qabağıma bir ətək qızıl tökələr, mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Mən ağanın qayınatası olub, üstümə darğa adı qoyum? Bu heç mənə layiq deyil. Deyirsən, sən məni çörəyə yetiribsən? Mənim qızım olmasaydı, görüm məni necə çörəyə yetirərdin? Mən qızımın səbəbinə bu çörəyə çatmışam. Mənə minnət qoymağın nahaqdır. Get, atam, öz işində ol, mən səni dİndirib söylətmirəm. Namaz. Yaxşı danışmırsan. İmdiyədək ağa ilə işi olanların hamısı mənim yanıma gəlirdilər. İmdi isə heç məndən soruşan yoxdur ki, ayın neçəsidir. Yerindən qalxan birbaş sənin üstünə gəlir. Həsən. Canları çıxsın, yüyürməsinlər. Mən heç kəsə nə elçi göndərirəm, nə də qənd başı. Namaz. Yox, Həsən, doğrusu, belə getsə, aramıza inciklik düşəcəkdir. Bundan da ziyan çəkən sən olacaqsan. Həsən. Mənə nə eləyəcəksən? Əlindən nə gələcək? Bu qapıda azdan, çoxdan çörək yeyirsən. Çox danışarsan, onu da əlindən alarlar. Dinməz otur yerində, mənə də sataşma! Namaz. Belə? Həsən. Bəli, belə! Namaz. Onda görək! (Sol qapıdan gedir.) Həsən. Görək! (Gedib yola çıxan qapını açıb, pillə üstündə oturanların birini çağırır.) Həzrətqulu, buraya gəl! (Həzrətqulu içəri daxil olur.) Səni bura mən çağırtmışam. Budur, neçə gündür ki, sənin heyvanların ağalıq yataqda otlayır, onun iznini sən kimdən alıbsan? Həzrətqulu. Mənim heyvanlarım hər il payızda ağalıq yataqda otlar. İznini də darğa Namazdan alaram. Həsən. Namaz nə adamdır, izin versin, ya verməsin? Bu saat heyvanlarını yataqdan çıxardarsan. Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam. Ziyanlığın hamısını sənin gönündən soyacağam. Həzrətqulu. Həsən əmi, bu danışıq nəyə lazımdır? Mən müftə mal otarmıram. Cığcığa əsginazlar sayıb yataq almışam, heyvanlarımı niyə çıxardım, ziyanlıq niyə verim? Həsən. Sən qabaqca bir ağzıyın danışığın bil. Mən hər adamın əmisi deyiləm ki, mənə Həsən əmi deyəsən. İkincisi, cığcığa əsginaz saymayıb, sarı qızıl saymış olasan, yenə sənin gönünü soyacağam. Yataq lazımdır, mənim yanıma gəl! Sözün var, mənə de! Namaz kimdir, nə adamdır? Bu saat gedib heyvanlarını yataqdan çıxaracaqsan. Yoxsa gəlib orada nə heyvan görsəm, hamısını güllələyib qıracağam! Həzrətqulu. Axır mən pul verib aldığım yataqdan mənin heyvanlarımı sən nə haqla çıxaracaqsan? Həsən. Sən çox qələt eləyib pul veribsən. Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. İmdi gəlib sənin heyvanlarını yataqdan çıxardanda görərsən! Yekə-yekə danışmağına bax! Di get! Həzrətqulu. Axır, Həsən əmi... Həsən. Axır-maxır yoxdur. Get deyirəm, get! (İtələyib çıxardır.) Həzrətqulu (çıxıb, qapıdakı kəndlilərə). A başınıza dönüm, bu nə bəla olub bizim canımıza! İki yüz manat pul sayıb yataq icarəyə götürmüşəm. İmdi deyir, ya get heyvanlarını oradan çıxart, ya gəlib hamısını güllə ilə qıracağam. Kəndli. Ondan nə desən çıxar. Onun kəsdiyi başın sorğu-sualı yoxdur. Varın isə beş, on, iyirmi manat apar, bas ovcuna, ağzı yumulsun. Onun qarnının ağrısı elə odur. Həsən otaqda gəzinir və hərdən qapıya gedib kəndlilərin danışığına qulaq verir. Həzrətqulu. Axır, pulum yoxdur, iyirmi manat haradan alım. Bir də, Həsə nin qırımı yaman qırımdır, pula-zada yaxın düşən canavara oxşamır. Kəndli. Sən mən deyənə qulaq as. Həzrətqulu. Kişi, deyirəm pulum yoxdur. Kəndli. Mən verərəm. (Pul verir.) Al, apar ver! Həzrətqulu. Yox, qardaş, mən bir də onunla üz-üzə gəlməyəcəyəm. Elə mənim əvəzimdən sən apar ver. Kəndli. Çox yaxşı. (Kəndli içəri girir.) Həsən əmi, Həzrətqulu bir yaxşı qulluqdar oğlandır. Sən onun könlünə nahaq dəyirsən. Bilməyib, başa düşməyib. Həmişə yatağı Namazdan icarəyə götürüb, yenə onun yanına gedib. Qələt eləyib, bir də bundan sonra Namazın həndəvərinə dolanmaz. Bu iyirmi manatı da al tənbəkiyə ver, onun taqsırından keç. Həsən. Sənin atan Məstalı kişi bir yaxşı adamdı. Sən də elə ona oxşayıbsan. Hər adamın yerini bilirsən, ədəb-ərkanla da danışırsan. Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, cığcığa əsginaz vermişəm. Cığcığa adamın bəbəklərinə dürtərlər. Kəndli. Daha bir qələtdir, eləyib, cahıldır, anlamayıb. (Pulu verir.) Həsən (pulu alır). Bu səfər onu sənə bağışladım. Deginən gələcəkdə bir belə qələtləri eləməsin. (Orta qapıdan gedir.) Kəndli (dalınca). Çox sağ ol, Həsən əmi, böyük inayət elədin. (Çıxır, Həzrətquluya) Pulları alıb ötürdü içəri. Di get işində ol. Həzrətqulu. Axır, ay qardaş, nə vaxtacan bu Həsən kişi xalqın başına büyələkçi olacaq? Qızını ağaya verib, deyin, gərək xalqın başına minsin? Kəndli. Belədir də! Nə eləməli? Həzrətqulu. Tamam camaat onun əlindən cana doyub, Namaza min rəhmət! Mən bunu belə qoymayacağam. Aləmi bir-birinə qarışdıracağam. Qoy xalq hamı yığılıb gəlsin ağanın yanına, Həsənin qovulmağını istəsin. Ağa camaatı bir yerdə görüb söz deyə bilməyəcək. Qəbul eləməz, biz də papağımızı tərsinə çevirərik. Beş yüz ev camaatı qırdırmayacaqdır ki. Kəndlilər gedirlər. Orta qapıdan Həsən çıxır. Dalınca arvadı Tubu. Tubu. Hara gedirsən? Bir dayan görüm. Həsən. Hara gedirəm, mən billəm. Nə istəyirsən məndən? Tubu. Əməzək! Allah səni döysün. Sənin kimi kişilər görüm qara torpaq altında yatsın. Gör necə Allahdöymüşsən ki, bu dörd ildi Namaz kimi bir azğın gədənin də öhdəsindən gələ bilmirsən! Həsən. Nə eləyim, ay arvad? Namaz ata-babadan bu qapıdadır. Mən dünən gəlmişəm. Onu necə qovdurum? Neçə dəfə ağaya demişəm, qulaq asmır. Gah da görürsən qulaqardına verir. Tubu. İndi ki, sən onu qovdura bilmirsən, mən arvadlığımla onu qovdurum, sən də tamaşa elə. Mən gecəyazanı ağanın canına salışdırım, ondan sonra gör qovar, ya yox? Həsən. Nə danışırsan, arvad “gecəyazan” nədir? Tubu. Gecəyazan – hər kişinin arvadı. Mən imdi Gülnisəni öyrədərəm, o onu yaxşı qovdurar. (Gedib sol qapıdan çağırır.) A qız, Gülnisə, buraya gəl! Gülnisə (gəlir). Nə deyirsən, ana? Tubu Ay qız, sımsırığını niyə sallayıbsan? Nə vaxtacan qaşqabağın yerlən gedəcək? Nə vaxt bir sənin üzün güləcək? Gülnisə. Xoş gün görənin üzü gülər. Axır mənim taqsırım nə idi, məni götürüb bu cəhənnəm odunun içinə saldınız? Həsən. Yoxsa yamanlıq eləmişik? Ağa arvadı olubsan, xanımsan, qabağında qulluqçular durublar. Yoxsa tumanın balağını belinə sancıb alaq elədiyin günlərin xiffətini eləyirsən? Gülnisə. Kaş ki, yüz alaq eləyəydim, daş daşıyaydım, bu cəhənnəm oduna yanmayaydım. Həsən. Axmaq qızı axmağın danışığına bax! A qız, Tanrına niyə təpik atırsan? Süd gölünün içinə düşüb üzürsən, yenə sənə azdır? Gülnisə. Istəmirəm bu süd gölünü. Ağaya ancaq mənim bu mürdəşir yumuş ağzım, burnum lazımdır. Mənimlə bir söz danışmaz. “Nə göyçək gözlərin var, nə qəşəng qaşların var, gərdənin mina kimidir. Boyun sərv ağacına oxşayır”. Bundan savayı bir söz eşitmirəm. Qulluqçular məni lağa qoyub gülürlər, məni gendən görəndə deyirlər: “Ora baxın, sərv ağacı gəlir”. Məgər belə günə davam eləmək asandır? Tubu. Odur ki, axmaqsan. Ağa səninlə nə dillə danışır, sən də onunla o dillə danış. Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözünə girə bilmirsən. Gülnisə. Mən onun gözünə girim? Mənim onun gözlərindən zəhləm gedir. Onun gözləri görüm kor olsun! Tubu. Hələ giley-güzarı qoy dursun. Əlində üç yaşında oğlun var, ölənəcən burada qalacaqsan. Sənə bir söz deyəcəyəm. Onun üçün çağırmışam. Gülnisə. Əlimdə bir olmaya, səndən də ayıb olmasın, yüz uşaq ola, yenə burada mən cəhənnəm əzabı çəkəcəyəm. Tubu. Di yaxşı, qulaq as, gör nə deyirəm. Sən ağa arvadısan. Lazımdır ki, sənin atan da ağanın yanında, camaatın gözünün qabağında sayılan bir adam olsun. Sənin atan qalıb qıraqda, Namaz hər yerdə quyruq bulayır. Atayın xatirəsi üçün gərək ağanın qılığına girib, Namazı buradan qovdurasan. Gülnisə. Mənim bədbəxtliyimə səbəb elə mənim bu atamdır. Mən nə qılığa girərəm, nə ağaya söz deyərəm. Tubu. Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək eləməyəsən? Gülnisə. Mən Cahangir ağa ilə İndiyədək üz-üzə oturub danışmamışam və danışmayacağam da. Danışığa da gəlsəm, ona çox söz deyə bilərəm. Onun da axırı yaxşı olmaz. Odur ki, mən onunla danışmaq istəmirəm. Ana, bağışla məni. (Cəld gedir.) Şahmarbəy (daxil olur, Tubu qaçır). Baho, Həsən! Xoş gördük, kefin necədir? Həsən. Niyə, pis deyil. Şahmarbəy. Cahangir ağa evdədirmi? Həsən. Gərək evdə olsun. Cahangirağa (sol qapıdan çıxır). Ya Allah, ya Allah, Şahmar bəy! Belə xəbərsiz gəlməkdə xeyirdirmi? Şahmarbəy. Gəlməyimin xeyir olduğunu deyə bilmərəm, şər də deyil. Ancaq səninlə bir-iki kəlmə ayaqüstü danışıb gedəcəyəm. Konyakın varmı? Cahangirağa. Konyaksız düşmənin olsun. Dövlətindən tapılar. Həsən, Şahmar bəyə konyak gətir. Həsən (sol qapını açıb). Namaz, Cahangir ağa konyak istəyir. Şahmarbəy (Cahangir ağaya). Səninlə bir xəlvət söhbətim var. Lazımdır ki, burada kənar adam olmasın. Həsən, sən get həyətdə bir çubuq çək, sonra gələrsən. Həsən. Cahangir ağanın məndən xəlvət söhbəti olmaz. Şahmarbəy. Cahangir ağanın səndən xəlvət söhbəti olmaz, amma mənimki var. (Namaz konyak gətirir, pristav üç rumka içir.) Di haydı! Ikiniz də çölə zəhmət çəkin. (Namaz sol qapıdan gedir, Həsən həyətə çıxır.) İmdi mən gəlməyimdən niyyət nə olduğunu deyərəm. Cahangirağa. Bəli, buyur. Şahmarbəy. Sən kənddə oturubsan, dünyadan xəbərin yoxdur. Neçə vaxt bundan qabaq Rusiyada hamı dəmir yollar yatmışdı. Poçtteleqraf qulluqçuları tamamən işdən əl çəkib bikar oturmuşdular. Fabriklərdə işləyən fəhlələr işləri yatırmışdılar. Bunların xahişləri bu idi ki, gərək camaata hürriyyət verilsin. Cahangirağa. Hürriyyət nədir? Şahmarbəy. Yəni hər kəs nə istəyir danışsın, istədiyin yazsın. Bu gün birisi rusdur, sabah dönsün müsəlman olsun, ya erməni olsun, nə məzhəbə keçəcək keçsin. Belə-belə ixtiyarlar istədilər. Deyirlər, vəzirlər gərək öz işləri haqqında camaat vəkillərinə hesab versinlər. Daha belə işlər. Cahangirbəy. Deməli, bundan sonra hər qor-qoduq çıxıb ağzına gələni dəyəcək, yazacaq, biz də gərək dinməz qulaq asaq. Bəs buna padşah nə deyir? O belə işlərə heç vaxt razı olmaz. Çox danışarlar, qoşununa buyurar, hamısın it unu kimi dağıdar. Axmaqlar, gör nə xəyala düşüblər! Şahmarbəy. Elə dərd budur ki, padşah da bu ixtiyarı veribdir. Hətta üç-dörd il bundan qabaq tutduğum studenti də açıb buraxıblar. Yenə kəndbəkənd düşüb ağzına gələn hədyanlar danışırdı. Labüd qalıb təzədən tutub damlamışam. Qışqırır, çığırır, deyir: “Sənin məni tutmağa ixtiyarın yoxdur. Məni manifestə görə buraxıblar”. İmdi bu gecə onu şəhərə göndərəcəyəm, uşaqlara da tapşıracağam ki, onu yolda manifestə versinlər. Ha, ha, ha!.. Cahangirağa. Yox, bu yaxşı olmadı. Belə işlərin axırından xeyir çıxmaz. Şahmarbəy. Advokat İbrahim bəy bir ağıllı adamdır. Deyir rus, yapon davasında basıldı. O səbəbdən məmləkətə belə şuriş düşüb. Deyir əgər rus padşahı bir dava da eləyib basılsa, onun özünü camaat taxtdan salıb, hökumət ixtiyarını öz əlinə alacaq. Cahangirağa. Allah elə günləri göstərməsin. Şahmarbəy. Mən, naçalnikin əmrinə görə, mülkədarları birbir görüb xəbərdar eləyirəm. Rusiyanın işləri şuluqdur. Hər yerdə rəiyyət tökülüb bəylərin mülklərini dağıdırlar, qarət eləyirlər, yandırırlar. Bəzi vaxt özlərini də öldürürlər. Oralardakı külək, olsun ki, buralarda əsə. Odur ki, sizə lazımdır rəiyyətlə bir növ müdara ilə dolanasınız və rəiyyəti üzə durğuzmayasınız. Yoxsa o oyunlar burada da çıxsa, camaatın öhdəsindən gəlmək çətin olar. Gərək qoşun gətirdəsən, camaatı gülləbaranla dağıda. Qoşun da güllə atarmı, ya atmazmı, məlum deyil. Çünki Rusiyada bir-iki yerdə qoşuna əmr veriblər ki, kəndlilərə güllə atsınlar, atmayıblar, deyiblər, biz hamımız kəndli balalarıyıq, öz kəndlilərimizi qırmarıq. Dünən Ehsan xanın yanında idim. Onunla da bu barədə çox danışdım. O da bu gün istəyirdi sənin yanına söhbətə gəlsin. Cahangirağa. Deməli, Ehsan xan bu gün mənə qonaq gələcək? Şahmarbəy. Bəli! Cahangirağa. Onda binagüzarlıq lazımdır. Şahmarbəy. Daha mən dayana bilmərəm. Gərək gedib sair mülkədarlarla da görüşüm. Cahangirağa. A kişi, özün deyirsən Ehsan xan gəlir, gözlə gəlsin, bu gecəni burada keçirin. Bizim camaat dinc camaatdır. Ondan sarsaq iş baş verməz. Şahmarbəy. Bu sözləri Rusiya mülkədarları da deyirlər. Rəiyyətə etibar olmaz. Hələ ki, xudahafiz! Cahangirağa. Deməli, qalmağa heç təhərin yoxdur? Şahmarbəy. Ara sakitləşsin, asandır, çox vaxt keçirəcəyik. Hə, yaxşı yadıma düşdü. Həsən kişinin qızı nə qayırır? Tasası yatıbdırmı? Cahangirağa. Yatmayanda od olub məni yandırmayacaqdır ki! Şahmarbəy. Qoçaqsan. Gül vurubsan. Xudahafiz. (Gedir.) Cahangirağa. Xudahafiz. Namaz (daxil olur). Ağa, sənə bir söz deyəcəyəm, ancaq acığın tutmasın. Cahangirağa. Nə var, nə sözdür? Namaz. Doğrusu, ağa iki qoçun başı bir qazanda qaynamaz. Bu evdə gərək ya Həsən otursun, ya mən. Cahangirağa. Necə, istəyirsən ki, mən Həsəni qovum? Namaz. Həsəni niyə qovursan? Həsən sənin arvadıyın atasıdır. Mənə izin ver, gedim özüm üçün bir kasıblıq tapım. Cahangirağa. Mən sizin heç birinizi buraxa bilməyəcəyəm. Sənsiz, özün bilirsən, mənim tamam işlərim yatar. Həsən də ki... belə, başa düşürsən... Həsəni rədd eləsəm, gərək qızını da rədd eləyim. Namaz. Onu sən bilirsən. Çörəyini mənə halal elə. Mən burada qala bilməyəcəyəm. On-on beş ildir sənə nökərçilik eləyirəm. Bundan sonra da gedib başqa bir çörək pulu axtaracağam. Cahangirağa. Mən yenə deyirəm, nə səni və nə də Həsəni buraxa bilməyəcəyəm. Namaz. Mən də qala bilməyəcəyəm. Cahangirağa. Ay Namaz, buna, adamı divara qısnamaq deyərlər. Bir-iki gün dayan, bir fikir eləyim, sonra sənə cavab verərəm. Na maz (ciddi). Fikir yeri yoxdur. Düzü, gərək Həsən də, arvadı da və qızı da buradan çıxsınlar. Mən Həsəni gətirib burada çörək yiyəsi eləmişəm, İmdi yeyib, kökəlib, qudurub. Minib mənim başıma. Mən də papağımı tərsinə çevirəndə qorxuram çox adam dolaşa. Mənim əlimin altında çox adamların işdəkləri var. Mən də ki, özün bilirsən, heç zaddan, heç kimdən qorxan deyiləm. Elə ki höcətə düşdüm, məndən ötrü qazamat, Sibir – hamısı birdir. Amma mənim dalımca dolaşanlara çox təfavüt elər. Cahangirbəy. Ay Namaz, axır bu bir təklif deyil ki, sən eləyirsən. Doğrudur, mən nə Həsənin qızını arvad yerində, nə onun uşağını uşaq yerində sayıram. Sənin də insafın yoxdur? Bir neçə vaxt səbr elə, sonra yenə burada bir sən qalacaqsan, bir də mən! Namaz. Camaat Həsənin əlindən dad çəkir. Pristavın da danışığını tamam-kamal eşitmişəm. Xalq mənim bircə sözümə məəttəldir ki, Həsənin də, arvadının da cürümünü çəksinlər. Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Gedib özümü onun əlinə verib, sənin uğrunda tutduğum işlərin hamısının hesabını ona verəcəyəm. Ondan sonra məndən incimə. Daha qulluğundan mürəxxəs olaq. (İstəyir getsin.) Cahangirağa. Hara gedirsən? Bir dayan, qulaq as, gör nə deyirəm. (Namaz dayanır.) A kişi, sən hirsli adammışsan. Al bu yüz manatı qoy qoynuna, bir-iki gün səbr elə, bəlkə sən deyəni elədim. Namaz. Mənə nə yüz manat lazımdır, nə də yüz min manat. Ehsan xan neçə ildir səninlə qohum olmağa çalışır, özü də indicə gəlib evinə düşəcək. Günü bu gün Ehsan xanın qızına elçi düşüb, Həsənin özünü də, qızını da evdən çıxardacaqsan. Cahangirağa. Bəs onun kəbini? Namaz. Kəbinə qol çəkibsən? Cahangirağa. Necə? Namaz. Kəbində mən olmuşam. Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır. Molla, Həsəndən rüşvət alıb, öz tərəfindən kəsib. Mən də ki, savadsızam, mollanın evinə getdiyimi kökündən danaram. Onda həm qızı başdan elərsən, həm uşağını qəbul eləməzsən. Aralıq soyuyandan sonra Həsəni çağırıb, bir-iki yüz manat xərclik verib yola salarsan. Cahangirağa. Bəs onda da molla dolaşar. Namaz. Molla dolaşanda qiyamət ki, qopmaz. Cəhənnəmə dolaşsın. Gedib qazamatda bir az müftə çörək yeyib, yenə çıxacaq. Çöldə camaat toplaşır. Cahangirağa (Namaza). Bir bax gör çöldəki nə səsdir? Namaz (qapını açıb baxıb qayıdır). Ehsan xan buyurubdur. Cahangirağa. Di çıx uşaqlara de, xanın atını tutsunlar. (Namaz çıxır. Ehsan xan neçə nəfərlə daxil olur. Cahangir ağa onun istiqbalına yeriyir.) Xan, bu evə çox xoş gəlibsiniz. Bu ev-eşiyin hamısı sizə peşkəşdir. Ehsanxan (üzündən öpür). Sən bilirsən ki, mən səni öz oğlum kimi istəyirəm. Budur, neçə vaxtdır səni görmək arzusundayam. Nə eləyim, işin çoxluğundan bir yana tərpənə bilmirəm. Qocalıq da bir yandan qol-qıçımı boşaldıb. Sizin kimi cavanlar gərək biz qocaları yada salalar. Mən gərək sənin qulağını çəkəm, xərəngə. (Gülür.) Cahangirağa. Məni öldürməyə də ixtiyarınız var, buyurun içəri. Həsən çöl qapıdan daxil olub, gəlib Ehsan xanın yanından etinasız eçir. Ehsanxan (Həsəni dayandırır). Ay gədə, bir dayan! (Həsən dayanır.) Sən quduz Pirverdinin oğlu Həsən deyilsən? Həsən. Necə? Ehsanxan. Məgər bu adamları gözün görmür? Həsən. Kor ki, deyiləm, niyə görmürəm? Ehsanxan. Vaxt ki görürsən, niyə salam vermirsən? Başın ki, qopub yerindən düşməyəcək. Həsən. Elə ki mənim qızım Cahangir ağadan boşandı, yerinə sənin qızın gəldi, o vaxt baş üstə, salam verərəm. Ehsanxan. Axmaq oğlunun danışığına bax! (İstehza ilə) Pah, bağışla, bilmədim, Həsən ağa. Sən axır Cahangir ağanın qayınatasısan. Biz gərək sənə salam verək. (Cahangir ağaya) Ay Cahangir, məgər beş-on girvənkə arpa tapa bilmirsən, bunun qabağına tökəsən, məşğul olub tövlədən eşiyə çıxmaya? (Gedir sol qapıya tərəf.) Cahangirağa (onu içəri salıb qayıdır, Həsənə). Heyvan oğlu heyvan! Gərək hər yerdə mənim başımı aşağı eləyəsən? İtil mənim gözümün qabağından! Həsən. Necə? Məni qovursan? Cahangirağa. Qovuram, bir də üstündən! Namaz (H ə s ə nə). Çox danışma, çıx çölə, naqqal oğlu naqqal! (Boynundan tutub salır eşiyə, çöldə camaat küyləşir.) Birincikəndli. Ay camaat, gözünüz aydın olsun, ağa Həsəni iti məsciddən qovan kimi qovdu. Camaat Həsəni əhatə edir. İkincikəndli. Kefin necədir, ay ağanın qayınatası? Üçüncükəndli. Bildirçinin bəyliyi darı sovuluncadır. Bundan da sonra get Kəbədə yağ iç. Həzrətqulu. Həsən əmi, bircə o iyirmi manatı çək eşiyə. Həsən. Necə iyirmi manatı, ay oğul?! Həzrətqulu. İmdi oğul oldum. Yarımca saat bundan qabaq aldığını. Çox dayanma, çək eşiyə, yoxsa çuxanı çıxardaram. Səslər. Kişinin pulunu ver, kişinin pulunu ver! Həsən (pulu verir). Al, atam, əl çək məndən. Həzrətqulu (camaata). Qardaşlar, bu pul məndən çıxmışdı. İmdi əlimə müftə keçib. Bir qoyun alıb, hamınızı kababa qonaq eləyəcəyəm. Camaat. Ura!.. Na maz (orta qapıdan Tubunu çıxardır). Gəl, sən də əriyin dalınca buyur. (Çölə salır.) Birincikəndli. Budur, Tubu xanım da gəldi. Ura!.. İkincikəndli. Ağamın qayınanası gəldi. Ura...ura!.. Ha m ı. Ura... Ura... ura! Uzaqdan alov görünür. Birincikəndli. Ay uşaqlar, o görünən alov nədir? İkincikəndli. Deyəsən cüvəllağılar H ə s ə nin evinin yandırırlar. Birincikəndli. Yaxşı oldu, haqqında oldu. Yellə gələn sellə gedər. Tu b u (alovu görüb). Oy!.. Oy!.. Evinə od düşsun, a mənim evimi yandİran! Ay üstünüzə od tökülsün, evimi niyə yandırırsınız? A sizing ananız mələsin, evimi niyə yandırırsınız? (Həsənin boynuna bir yumruq vurur.) A başı daşlı, əməzək, bivec! Allah döysün səni! Evin yanır, ölü kimi niyə dayanıb baxırsan? Yüyür, bir təhər çək! Hər ikisi yüyürür. Camaat (dalınca). Ay qoymayın, getdilər ha! Alabaş, tut ha!.. Birincikəndli. Xalqdan soyub aldığı maldır, indi də istisinə qızışsın. Canına lənət gəlsin, ay onun evinə bir aftafa su tökən! Sol qapıdan Gülnisə, qoltuğunda üç yaşında bir uşaq, başının tükləri pəjmürdə, çıxır. Namaz. Atayın evi yanır, sən də haraya yüyür. Gülnisə. Gedirəm, gedirəm... Məni qovanın üstünə gün doğsun. Bu gün mənim üçün toy-bayramdır. Mən zindandan qurtarmışam. Gordan evə qayıdıram. Atamın evini yandırırlar. Elə atamın özünü gərək yandırsınlar. Mən gedirəm, amma bu uşaqdan mənə cəza verənlərin canına bir yağı bəsləyəcəyəm ki, gərək onun öhdəsindən gələ bilsinlər. (Yüyürüb çıxır.) * * * Dördüncü pərdə Toy məclisi. Böyük bir otaqda kəndlilər halə vurub əyləşiblər. Yuxarı başda toybaşı əyləşib, fərraş, əlində çubuq, ortalıqda dolanır. Balabanlar çalğısı təqibi iləşamlarla bəzənmiş və qızıl vərəqələrlə örtülmüş, meyvəcatla, həlviyyatla dolu birxonça gətirib toybaşının müqabilində qoyurlar. Cavanlardan iki-üç nəfər oynayıbəyləşirlər. Cavanlar oynayan əsnada fərraş çubuğunu camaatın dizlərininqabağında yerə çırpır, qışqırır və özü də musiqinin havasına atılıb-düşür. Fərraş (qışqırır). Əl vurun! Əl vurun! Bu toy hər toya bənzəməz! Bu, Cahangir ağanın toyudur! Ehsan xanın qızının toyudur! Əl vurun! Toybaşı. Ağa bu gün toyu camaata verib, biz də gərək eninə, boyuna şadlıq eləyək. Fərraş!.. Fərraş. Bəli! Toybaşı. Qız-gəlinlərdən yavaş-yavaş çağır, oynasınlar. Fərraş. Baş üstə! (Çıxır). Bir nəfər üzü örtülü qadın daxil olub, məclisin ortasında dayanır. Aşıqlar ağır havaçalırlar. Qadın ahəstə oynayır. Aşıqlar ağır havadan keçirlər döndərməyə. Qadınbir qədər də iti oynayıb çıxır. Bu minvalla neçə qadın gəlib, belə oynayıb gedirlər. Qadınlar oynadıqca fərraş gəlib camaata əl vurdurur və bir yandan da “şabaş”çağırır. Kənd adətinə görə, camaat oynayan qadınların şərəfinə pul verirlər. Bupulları fərraş alıb, pul verənin adına belə elan edir: “Yenə “filankəsin”, yenə “filankəsin” evi abadan olsun! On tümən şabaş elədi. Oyunçular başına, ay şabaş,toy şabaş!”. Fərraş bu sözlərlə başqa pul verənlərin də adlarını çəkib qışqırır.Aldığı pulları aparıb xonçaya qoyur. Toybaşı (axırıncı qadın oynayıb gedəndən sonra saz aşığına). Aşıq Cəfər, İmdi dur bir az söhbət elə, görək! Aşıq Cəfər, əlində saz, balabançı ilə çuxalarını çıxarıb dururlar ayağa. Qabaqca çalğı ilə məclisi dolanırlar, ondan sonra bir oyun havası çalıb, qoşa oynayıb məclisin ortasında dayanırlar və keçirlər “arazbarı” çalğısına. Aşıq Cəfər yekpay oxuyur. Aşıq Cəfər (oxuyur): Dedim: ey dost, belə sallanma, Burda yaxşı var, yaman var. Dedim: ay yar, qadan mən allam, Dedi: səbr elə, zaman var, ay zalım, Dedim: ay gül, həmdəmin kİmdir? Dedi: həmdəmim bülbüldür. Dedim: ay gül, xara yalvarma! Dedi: neyləyim, işim müşküldür, ay zalım! Gözəllər bağda gəzərlər. Ömrümün gülün üzərlər. Özlərin bulə bəzərlər. Biri o yandan, biri bu yandan, ay zalım! (Yekpaydan sonra balabançı əyləşir. Aşıq Cəfərin əlində saz, bir az otağı dolaşır.) Həzərat, əvvəla, Cahangir ağanın toyu mübarək olsun, ustada da min rəhmət, ustaddır! Açıq başda olsa əgər bir dilbər, Onda bu nişanlar müəyyən gərək. Əndamı ayinə, qəddi mötədil, Siyah zülfü qamətinə tən gərək. Yanağı lalənin Baharı kimi, Ləbləri yaqutun kənarı kimi, Bir danə nasüftə mirvari kimi, Başdan ayağadək ağ bədən gərək! Qövlü sadiq ola, hər feli həlal, Bilməyə ki, fitnə nədir, məkrü al, Şam kimi qabaqda dura, nitqi lal, Kəsilsə də başı dinməyən gərək! Növrəsidə, on dörd, on beş yaşında, Eyb olmaya kirpiyində, qaşında, Həyası üzündə, ağlı başında, Ağzı-burnu nazik, üzü gen gərək! Tavus kimi cilvələnə hər səhər, Bəzək verə cəmalına sərbəsər, Dİndirməmiş verə könüldən xəbər, Işarə anlayıb, hal bilən gərək! Vaqif, yaxşı canan gərək, can üçün, Nədir çox çalışmaq bu cahan üçün, Bir gözəl lazımdır bizim xan üçün, Vali qulluğunda ərz edən gərək! (Balabançı yenə durub gəlir aşıq Cəfərin yanına, aşıq Cəfər “Kərəmi” oxuyur:) Qatar-qatar olub qalxıb havaya, Nə çıxıbsız asimanə, durnalar! Qərib-qərib, qəmgin-qəmgin ötərsiz, Üz tutubsuz nə məkanə durnalar? Ərz eləyim, bu sözümün sağıdır, Yollarınız həramidir, yağıdır. Şahin-şonqar sürbənizi dağıdır, Boyanarsız qızıl qanə, durnalar! Bir baş çəkin dərdməndin halinə, Ərzə yazsın, qələm alsın əlinə, Vidadi xəstədən Bağdad elinə, Siz yetirin bir nişanə, durnalar! Şikəstə: Bu dağlar, dəmir könlüm, daş könlüm! Hicran gəldi, qaç könlüm. Çəkil bağlar küncünə. Qəm dəftərin aç könlüm! Şikəstədən sonra balabançı çalır, aşıq Cəfər tək oynayıb, toybaşıya baş əyib gedir yerinə. Toybaşı. Fərraş! Fərraş. Bəli! Toybaşı. Uşaqlardan durğuz bir yallı tutsunlar! Yallı tutulur. Neçə nəfər cavan əl-ələ verib düzülürlər. Bir nəfər əli çubuqlu onlara dəstəbaşı olur. Oynayanların hamısı dəstəbaşının işarələrinə itaət və əməllərinə də təqlid etməyə məcburdurlar. Əks surətdə dəstəbaşı boyun qaçıranı çubuqla vuracaq. Cavanlar qabaqca yerlərində dayanıb, ağır bir havaya dabanları üstündə sağa, sola yırğalanaraq, qalxıb-düşürlər. Çalğı getdikcə qızışır, cavanlar da qızışıb, qabaqlarında dəstəbaşı, oynayaraq, otağı dolanırlar. Dəstəbaşı gah dayanır, gah yerə əyləşib əl çalır. Gah yenə cəld sıçrayıb oynayır. Hamı ona təqlid edir. Axırda yallı tutanlar dayanırlar. Dəstəbaşı ayrılıb tək oynayır. Hamı əl çalır. Dalınca yallı gedənlər növbə ilə oynayanlar. Yallı tamam olur. Həsən oyunun qızğın vaxtında, əynində cındır libas, sifət, saqqal pəjmürdə, divanə halında özünü içəri salır. Həsən. Həsənəm, yol kəsənəm, tarı mənəm, Bil mənəm, hamını mən yaratmışam. Sizi də mən yaratmışam! Aşıq! Çal oynayacağam, qızımın toyuna gəlmişəm. Oynamasam arzum ürəyimdə qalar. (Qışqırır.) Ay Gülnisə! Atan toyuna gəlib, gəl oynamağına tamaşa elə! Fərraş (gəlib qolundan tutur). Həsən əmi bu, Gülnisənin toyu deyil. Gülnisə çoxdan xalası evinə köçüb gedib. Bu, Cahangir ağanın toyudur. Ehsan xanın qızının toyudur. Həsən. Nə Cahangir ağa? Nə Ehsan xan? Onları da mən yaratmışam. Şahqulu oğlu Namazı da mən yaratmışam. Aşıq, çal, yoxsa dəyənək başında oynar! İstəyirlər çıxartsınlar. Toybaşı. Uşaqlar, görürsünüz dəlidir. Qoyun oynasın, oynar, yorular, çıxıb gedər. Aşıq, çal! Aşıqlar çalırlar. Həsən divanəvarı oynayır. Gəldikcə qızışıb başlayır dolaşmağa, birdən yıxılır. Fərraş (istəyir durğuzsun). Ay uşaqlar, bu ki ölübdür! Səslər. Necə ölübdür? Nə danışırsan? Durub Həsənin meyitini əhatə edirlər. Toybaşı. Bəli, sağlığında camaata əziyyəti az dəymişdi, gərək ölüsü də xanımın kefini pozaydı. Götürün bu mərdimazar oğlunun meyitini! Meyiti götürürlər. Pərdə * * * Beşinci pərdə Bir kənddə Dairə icraiyyə komitəsi. Bir masa rubəruda sədr üçün və birisi də sağ tərəfdə katib üçün qoyulmuşdur. Masaların yanında neçə taburet və divar boyu skamyalar düzülmüş. Skamyalar üzərində neçə nəfər qadın və kişi əyləşmiş. Katib yazıya məşğuldur. Sədr hələ gəlməmiş. Qoçaşikayətçi. (katibə). Ay oğul, bəs İskəndərzadə yoldaş nə vaxt gələcək? Çoxdandır gözləyirəm. Mirzə Səməd. Bir azca dayan, əmican, İndicə gərək gəlsin. Mərkəzdən şkolaların böyüyü gəlibdir. Bu gün kənddə şkola binası qoyacaqlar. Qoca. Görünür, xeyir işə gedibdir, ziyanı yoxdur, gözlərəm. Axşamacan da gəlməsə incimərəm. Mirzə Səməd. Yox, bu saat gələr, məəttəl olmazsan. Qoca. Ay oğul, mənim başım çəkməyən bəla yoxdur. Gedirdik pristavın qapısına, deyirdilər ağa yatıbdır, gözlə, oyanıb işinə baxar. Günorta olurdu, ağa yatıb, gün əyilirdi, ağa yatıb. Deyirdik, ay canım, yolumuz uzaqdır, qaranlığa düşərik, yolda atımızı əlimizdən alarlar, burada yatmağa yerimiz yoxdur. Deyirdilər, nə çoxdur bağlarda ağac, get birinin altında yat. Ağa bu gecə səhərəcən filan bəyin evində qumar oynayıb, gün çıxandan sonra evə gəlibdir. O, gün batınca durmayacaq. Dursa da səni sənin işinə baxası olmayacaq, çünki çox pul uduzub, sağ-solunu qapır. Çıxıb gedirdik işimizə. Çox vaxt olurdu ki, bir iş düşəndə beş ağsaqqal çağırırdıq, gəlib işimizi barışdırırdılar. Deyirdik, qoy ziyan çəkək, pristavın sifətini görməyək. İmdi, budur, təzə hökumət gələndən bəri pristavların piyan sifətlərindən qurtarmışıq. Gəlirsən, altına kürsü çəkirlər, səninlə insan kimi danışırlar. İşinə də də oyanlıq, bu yanlıq, insafla baxıb yola salırlar. Bu İskəndərzadə yoldaş gələndən bəri işlər gün-gündən yaxşılaşır. Yaxşı oğlandır, ona mənim belə bu qoca canım Qurban olsun. Mirzə Səməd. Əmican, pristavı padşah təyin eləyirdi. O da padşahın tərəfini gözləyib, camaatın belində qamçı işlədirdi. İmdi hökuməti camaat seçir, o da camaata qulluq eləyir. Qoca. Düzdür, Qurbanın olum, elədir. (Hamı əyləşənlərə) Elədir? Hamıəyləşənlər. Elədir, elədir. Yoldaş mirzə düz buyurur. İkincişikayətçi. Ay kişilər, mən sizə bir gülməli şey nağıl eləyim. Bir az bundan qabaq Xədicə oğlu Kərbəlayı Əhmədin evinin yanından keçirdim. Gördüm çox adam yığılıb. Soruşdum nə var, dedilər, təzə şkol açırlar. Yoldaş İskəndərzadə orada idi. Bir də baxdım ki, Molla Talıb yanından küsmüş uşaq kimi, qıraqda boynunu bükmüş oturub bir daşın üstündə. Yeriyib salam verdim. Dedim: molla əmi, dəstgahı görürsənmi? Dedi görürəm, Allah bu Şura hökumətinin cəzasını versin, tamam uşaqlarımızı dindən çıxardacaq. Hər kənddə bir belə şeytan yuvası tiksələr, işlər düzələr. Dedim nə baxırsan, niyə vurub dağıtmırsan? Deyir məgər bu kafirlər məndə hərəkət qoyublar? Ancaq başımın milçəyini qoruyuram. Keçmiş vədə olaydı, şkolun altında od qoyub yandırmışdım. Deyir başımın milçəyini qoruyuram... ha!.. ha!.. ha!.. Hamı gülüşür. Mirzə Səməd. Onun kimi başlarının milçəklərini qoruyanlar çoxdurlar. Daha onların dövranı qurtardı. Qoca. Çox yaxşı olur. Qoy hamısının aclarından ağızlarına qurd düşsün, qırılsınlar. Hamımızı bisavad, dünyadan bixəbər eləyən onlardırlar. Bəylərin plovların yeyib, camaatı da onların xatiri üçün qaranlıqda saxladılar. Deyir: hər kəs rus elmi oxusa, rusca danışsa, qiyamətdə dilinə əqrəb yapışacaq. Biz də inanırdıq. Ay sizin diliniz düşsün. Mirzə Səməd. Əlbəttə, onlara elə sərf elərdi. Qoyun ağıllanarsa südünü öz balasına verər. Odur ki, qoyunun ağıllanması çobana ziyandır. İmdi budur, məktəb açırlar, uşaqlarınız oxuyarlar. Əkini elmlə əkərlər, barama qurdunu elmlə saxlarlar, bağlarını elmlə becərərlər. Görərsən biri mənim kimi katib oldu, biri komitə sədri oldu, biri üzv oldu... Savadlı kəndliyə həmişə iş tapılar. İkincişikayətçi. Qardaşlar, təzə hökumətin işinə nə söz ola bilər? Bundan qabaq bəy min çuvalın yerini əkirdi, rəiyyət bir çuval toxum səpməyə yer tapmırdı. Buradan durub, gedib Əzizsultanlı yerində əkin əkirdik. İmdi isə yeri öküzünə tök, nə qədər gücün çatır, ək. Pul lazım olardı, gedərdin həftəbazar kərbəlayıların, hacılarının yanına, adamın qulaqlarının dibindən kəsib buraxırdılar. Ölənəcən onların borclarının altından çıxmırdıq. İmdi budur, gözəlcə bankımız var. Pul lazım olanda, gedib yüngülcə müamilə ilə götürürük. Vaxtında da aparıb veririk. Mirzə Səməd. Bəylər də, hacılar da, kərbəlayılar da, hamısı cəzalarına çatdılar. İmdi də onlar geridən baxırlar. Qoca. Şamçıraqlı Cahangir ağanı eşidibsənmi? İkincişikayətçi. Necə? Qoca. Camaatın başına nə oyun qaldı gətirməsin! Öz rəiyyətindən birinin qızına aşiq olub, yazığın nişanlısını öldürüb, sonra da arvad adına aparıb evində dörd il saxlayandan sonra, qucağına bir uşaq verib evindən qovdu. Padşah taxtdan düşəndən sonra o qızın nişanlısını öldürəni buraxdılar, gəldi evinə. Gələndən sonra, tamam camaatı durğuzdu Cahangir ağanın üstünə. Camaat tökülüb ağanın evini yandırdı. Namaz adlı bir darğası var idi, onu tikə-tikə elədilər. Ağa da o vaxtdan başını götürüb qaçıb. Yerini də bilən yoxdur. İkincişikayətçi. Haqq olub, ona o da azdır, gərək özünü də evi kimi yandıraydılar. İskəndərzadə (daxil olur, xalq ayağa qalxır). Əyləşin, yoldaşlar, zəhmət çəkməyin, köhnə, paslanmış adətləri buraxın getsin. Mən sizin hamınızdan cavanam, gərək mən sizin ayağınıza duram. Sizə bu gün bir yaxşı məktəb açdıq. Bu kənd bina olunandan məktəb görməyibdir. Bir azdan sonra məktəbsiz bir kənd qalmaz. Gərək məmləkətimizdə bir bisavad olmasın. Hamı oxusun. Qızlar, oğlanlar, hələ qocalar da gərək oxusunlar. (Katibə) Mirzə Səməd, doğrudan da, məktəbimizin binası çox gözəl binadır, otaqlar böyük, işıq! Mirzə Səməd. Heyf ki, mən dəftərxananı buraxıb gedə bilmədim. Yəqin gözəl nitqlər söyləndi. İs kəndərzadə. Bəli, mərkəzdən gələn inspektor göyçək danışdı. Mən də bir neçə söz dedim. Danışdığım yerdə gözüm Molla Talıba sataşdı. Bir kənardan durub dəvə nalbəndə baxan kimi tamaşa eləyirdi. (Əyləşir yerində, şikayətçilərə) Di gəlin görüm, dərdiniz nədir? (Qadına) Bacı, qabaqca sən gəl. Qadın (qabağa yeriyir). Ay oğul, mənim, ayıb olmasın, bir qızım var, on yaşı ola, ya olmaya. Özünü də kənddə məktəbə qoymuşam. İmdi mənim kişim deyir, gərək qızı ərə verim. Deyirəm, ay kişi, bir insafın olsun, mürüvvətin olsun. Qoy bir az oxusun, böyüsün. On yaşında uşağı sən hara ərə verirsən? Deyir, olmaz ki olmaz. İmdi, budur, neçə gündür, ağacın birini itdə eləyib, birini məndə. Axır labüd qalıb, yanına gəlmişəm. İskəndərzadə. Haralısan, bacı? Qadın. Çuxurkəndliyəm. İskəndərzadə. Ərinin adın nədir? Qadın. Onu görüm adı batsın. Ramazan Ilyas oğlu. İskəndərzadə (katibə). Yoldaş Mirzə Səməd, Çuxurkənd komitəsinə bir əmr yaz, sabah Ramazan Ilyas oğlunu buraya göndərsinlər. (Qadına) Məgər sənin ərinin gözləri kordur? O demirmi ki, mən bu balaca uşağı hara verirəm? Bundan nə arvad olacaqdır? Qadın. Qurbanın olum, elə mənim də dediyim odur. Mən deyib, mən eşidirəm. Deyir qırxdır, biri əksik deyil. Deyir şəriətə baxsan, gərək qızı doqquz yaşında ərə verəsən. Bu qızın yaşı, deyir, az qalıb on bir olsun. Ərə verməsəm, məni cəhənnəm oduna yandırarlar. İskəndərzadə. İndi, bacı, istəyirsənmi ərinə tənbeh olsun? Qadın. Onun boğazından da assalar ürəyi soyumaz. İskəndərzadə. Çox yaxşı, sabah gələr buraya, mən ona bir yaxşı şəriət dərsi verərəm. (Katibə) Mirzə Səməd, kağızı yazdınız? Mirzə Səməd (məktubu təqdim edir). Buyurun. İskəndərzadə (oxuyub imza edir). Bu kağızı bir atlınan göndər. (Qadına) Bacı, bu gecə burada qalmağa yerin varmı? Qadın. Var, qadan alım, bacım evi var. İsgəndərzadə. Çox yaxşı, sən get. Sabah ərin buraya gələr, onda sən də gələrsən. Qadın. Ömrün uzun olsun, cavan qəddin yerə dəyməsin. (Gedir). İskəndərzadə (qocaya). Dayı, gəl görüm sənin qulluğun nədir? Qoca (qabağa gəlir). Ay oğul, mənim, ayıb olmasın, üç oğlum var, üçünü də evləndirmişəm. İmdi əkin yerimiz azlıq eləyir. Kənd komitəsinə neçə dəfə getdim-gəldim, əlac olmadı. İmdi səni deyib gəlmişəm. Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. İs kəndərzadə. Əlinizdə nə qədər yer var? Qoca. Olar bir üç çuvalın yeri. İskəndərzadə. (katibə). Yoldaş Mirzə Səməd, götürün bunların kənd şurasına yazın ki, buna, arvad və uşaqlarına nüfuz hesabı ilə nə qədər yer düşürsə, müəyyən edib versinlər. (Mirzə başlayır yazmağa.) Dayı, sən get, arxayın ol. Qo c a. Ömrün uzun olsun. Sənə bu qoca canım Qurban. (Katibə) Mirzə, kağızı yaz ver, elə özüm aparım. Mirzə Səməd. Budur, əlimdə yazıram. Dayan qurtarım, qol çəkdirim, apar. Qoca çıxır. İskəndərzadə (şikayətçiyə). Buyur görək sənin nə qulluğun var? Şikayətçi. Mənim şikayətim, a yoldaş, mirabdandır. Bağım yanırdı, getdim, yalvardım, üçcə gecəlik ondan su istədim. Gör mənə nə deyirlər, deyir, avcıma qoy, avcına qoyum. Yəni pul ver, su apar. Verməyə pulum olmadı, ağaclarım yanır, bağa baxsan yazığın gələr. İskəndərzadə. Mən mirabı çağırtdırmışam. Sən də get, arxayın ol, sabah bağın su içər. Hansı kənddənsən? Şikayətçi. Quruqatlaq kəndindən. İskəndərzadə. Adın nədir? Şikayətçi. Behbud H ü s e y nqulu oğlu. İskəndərzadə (yazır). Di get, xatircəm ol. (Katibə) Mirzə Səməd, mirab gəlibdirmi? Mirzə Səməd (yazır). Bəli, gəlibdir. Iki nəfər çağırdığımız kəndlilər də gəliblər. İskəndərzadə (qapıdakı milis nəfərinə). Çıx, mirabı da, onunla bir yerdə çağırılan kəndliləri də buraya gətir. (Milisioner çıxır. Şikayətçiyə) Sən, yoldaş, dayanma, get evinə. Şikayətçi gedir. Mirab iki nəfər kəndli ilə daxil olur. İskəndərzadə (miraba). Yoldaş, bu camaat sizi mirab seçib, sizə məvacib təyin edibdir ki, siz də qayda ilə camaatın əkənəcəyinə, bağına, bostanına su verəsiniz. Nəinki kəndlinin birindən rüşvət alıb, suyu tamam oraya buraxıb, qalan kəndlilərin əkinəcəklərini yandırasınız. (Mirab başını aşağı salır.) Niyə cavab vermirsiniz? Mirab. Daha nə cavab verim?! Məgər mən camaatdan rüşvət istəyirdim? Öz xahişləri ilə mənə peşkəş veriblər. Budur, gətirmişəm, yenə özlərinə qaytar. (Pulu verir.) İskəndərzadə (pulu alır). Bu hələ qalsın burada. Bunun yeri Mtapılar. (Birinci kəndliyə) De görüm bu pulu miraba kim verdi? (Katibə) Mirzə, qocanın kağızı hazır isə, ver, qol çəkim, onu yola sal getsin. Mirzə Səməd. Bəli, hazırdır. (Təqdim edir. İskəndərzadə imza edir. Mirzə çıxıb, söhbət əsnasında yenə qayıdır.) İskəndərzadə (birinci kəndiyə). Hə, söylə görüm, kim verdi rüşvəti? Birincikəndli. Tamam camaat. İskəndərzadə. Necə tamam camaat? Biz kəndə gələndə iki günlərlə camaatın hamısını bir yerə toplaya bilmirik. Nə oldu, mirab gələn kimi, hamı camaat birdən yığıldı? Birincikəndli. Doğrusu, əkin-əkinəcəyimiz yanırdı. Camaatdan üç-dörd vəkil seçib göndərdik mirabın yanına. Mirab cavab verdi ki, su, budur, mənim əlimdə, cibimdə, atımın quyruğunda. Elə ki, iki gündən sonra kəndə gəldi, camaat hamısı “su mirabın atının quyruğundadır” deyib, hər yerdən axnaşdı. Kağıza bükülü pulu mənə verdilər, mən də buna verdim. İskəndərzadə. Nə qədər pul idi? Birincikəndli. Qədərini bilmədim, saymadım. İkincikəndli. Mən pulu bunun əlindən alıb saydım, tamam yeddi yüz manat idi. İskəndərzadə (pulu sayır). Düzdür. İndi, yoldaş mirab, sizi də, bu iki nəfəri də göndərəcəyəm şəhərə, prokurorun ixtiyarına. Mirab. Qələt eləmişəm, yoldaş İskəndərzadə, mənə nə tənbeh eləyirsən özün elə. Məni prokurorun caynağına vermə. İskəndərzadə. Yox, yoldaş. Şura idarəsində rüşvətxorun yeri yoxdur. Sizə tənbeh olmasa, özgələrinə də ibrət olmaz. (Milisionerə) Bunları apar saxla. (Milisioner aparır.) Mirzə Səməd, bir kağız götürün, bu həftənin seksiyalar iclaslarının siyahısını yazın. Mirzə Səməd (kağızı götürür). Bəli, buyurun. İskəndərzadə. Şənbə – abadanlıq seksiyası, bazar ertəsi – maarif seksiyası, çaharşənbə – təsərrüfat seksiyası. Elanları vaxtında göndərin. Mirzə Səməd. Baş üstə. Milisioner (qayıdır). Yoldaş İskəndərzadə, bir nəfər qoca kişi, budur neçə gündür səfil, sərgərdan kənddə gəzir. Nə adını deyir, nə yerini. İmdi gətiriblər buraya, onu nə eləyək? İskəndərzadə. İçəri gətirin, görüm necə adamdır. (Milisioner çıxır. Bir nəfər beli bükülmüş, başı, saqqalı ağ kişini gətirir.) Dayı, gəl otur görək. (Qoca əyləşir.) Gəlişin nə yerdəndir? Qoca. Soruşmasan yaxşıdır. Yerim yadımdan çıxıb. Dövlətim var idi, mülküm var idi. Hamısı əlimdən getdi. Üç dəfə məni Dustaqxanaya salıb çıxartdılar. İmdi ac, sərgərdan dolanıram. İskəndərzadə (katibə). Mirzə, buna bir stəkan süd və çörək gətir. (Mirzə Səməd masanın dalındakı qapıdan gedib, danışıq əsnasında süd, çörək gətirib qocaya verir Qoca içir.) Dayı, mən də sənin kimi üç dəfə Dustaqxanaya düşüb çıxmışam. Deməli, dərdimiz birdir. Ancaq məni Dustaq eləyən hökumət səni Dustaq eləmədi. Necə ki, səni Dustaq eləyən hökumət məni Dustaq eləmir. Deməli, dövlətli, varlı bir bəy idin. Qoca. Bəli, neçə para kəndim var idi. İlxılarımın, naxırlarımın hesabı yox idi. Yüz nəfər qonaq qəflətən qapıma düşsə idi, hamısını qonaq eləməyə məqdurum var idi. İmdi dilənçi sifətində gəzirəm. İskəndərzadə (bir qədər fikrə gedir). Qoca, sən kim olduğunu mənə söylə. Mən də söz verirəm ki, bir kəsə açıb deməyəm. (Katibə) Mirzə, bizi tək qoyun. (Katib çıxır.) Burada İndi bir mənəm, bir də sən. Qoca. Bala soruşma adımı. Çörək verdin yedim, evin abad olsun. Daha izin ver çıxım gedim. İskəndərzadə. Bu ətrafda neçə nəfər mülkədar var idi. Birisi Süleyman ağa idi ki, öz rəiyyətləri öldürdülər. Birisi Ehsan xan idi... Qoca (diksinir). Daha kifayətdir, dalını sadalama. İsgəndərzadə. Sən Ehsan xan deyilsən. O, şura hökumətindən qabaq ölübdür. Diksinmə. İndi bildim sən kimsən? Sən Cahangir ağasan, belədirmi? (Qoca özünü yıxır skamyanın üstünə.) Mən səni tanıdım, İndi sən də məni tanı! Mən Həsən kişinin qızı Gülnisənin oğluyam. Gərək anamı yaxşı tanıyasan! Qoca (qışqırır). Oğlum! (İstəyir qucaqlasın.) İskəndərzadə (soyuq). Əyləş yerində. Mən sənin kimi vücudun oğlu olmağımı özümə əskiklik hesab edirəm. Sən mənim anamın sevgili adaxlısı Səfi oğlu İskəndəri öldürüb, anamı kef üçün aparıb, Ehsan xanın qızını alanadək saxlayıb, axırda qovdun. Mənim anamın ölənədək gözünün yaşı qurumadı. Mən də anamın təskini üçün özümə İskəndərzadə adı qoydum. Əlində ixtiyar olan zaman camaatın qanını su yerinə axıtdığın vaxtlarda, öz kefin üçün özgənin qanını tökməyə ar etməyən zamanda, belə bir günün gəlməsini fikir etsəydin, bu halətə düşməzdin. Qoca. Oğul, deginən məni burada öldürüb, əziyyətdən qurtarsınlar. İs kəndərzadə. Yox, sənin üçün ölüm səadətdir. Səni öldürən sənə böyük iltifat etmiş olar. Özün fikir elə, gör sənin vücudun bir güllənin qiymətinə dəyərmi? Sənə böyük tənbeh, səni bu halətdə qoymaqdır ki, ömrüyün axırınadək avara dolanıb, köhnə hökumətin qayıtmasına müntəzir olasan. Get buradan, get, get. (Zəng çalır, milisioner daxil olur.) Bu kişini aparıb, qədim xanlıq meşənin ortasında yola buraxıb, qayıdarsan. Milisioner. Baş üstə. Gedək, qoca. İskəndərzadə (milisionerə pul verir). Götür pulu. Buna çörəkdən, yavanlıqdan al ver, özü ilə aparsın. (Qocaya) Di get, qoca! Sənin kim olduğunu heç kəs bilməz. Mən də arzuma çatdım. Qoca və milisioner çıxırlar. İskəndərzadə onu yola salıb, yerində əyləşir. Sonra iki əli ilə başını tutub, özünü masanın üstünə yıxır. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-baba-yurdunda İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.