Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Bəxtsiz cavan Faciə beş məclisdə İştirak edənlər HacıSəmədağa – mülkədar Çingiz – Hacı Səməd ağanın oğlu Fərhad – Hacı Səməd ağanın qardaşı oğlu Mehrixanım – Fərhadın anası, Hacı Səməd ağ anın övrəti Musa – Fərhadın məktəb yoldaşı MirzəQoşunəli. – Hacı Səməd ağanın xidmətçisi KərbəlayıBəndəli. Kəndlilər, Dustaq və başqaları * * * Əvvəlinci məclis Əvvəlinci məclis vaqe olur Hacı Səməd ağanın otağında. Otaq fərşlər, yumşaq stullar və kürsülərlə Avropa qaydası ilə bəzənmiş. Otağın üç qapısı var: sağdan, soldan və müqabildən. Mirzə Qoşunəli.. Bəli, iynə ilə gör qaz, inşallah, az keçər, əlin çörək qulağına çatar. Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib gətirib buraya, nədir, nədir, səni adam eləyəcəyəm. Budur, tamam altı aydır ki, mən bu xarabanın qapısından girmişəm. Kaş o günü qılçım sına idi. Mənim başıma daş düşsün əgər bu altı ayın müddətində altı quruş balalarıma göndərmişəmsə. Sən bir buna bax. Aləmdə İskəndər kimi sədd açıb, dövlətinin, kəramətinin, səxavətinin tərifi dillərdə söylənir, amma yaxşı igidin adını eşit, üzünü görmə. Xudavəndi-aləm heç bir bəndəsini bu simsiz sazın toruna salmasın. Adama qarın dolusu çörək vermir. Deyirlər ki, cəmi fəqirfüqəranın dəstgiridir. Mənim imanım cin bismillah adı gələndə yox olan kimi yox olsun, əgər bir fəqirdən ötrü İndiyətək əlini cibinə saldığını görmüşəmsə. (Boş cibini oynadır.) Bah, bah, bah!... Atanın evi dağılmasın, pulun ağırlığından az qalır cibim düşsün. İnşallah, xərcləsəm bir il kifayətdir. Yeməkdən də ki, Allaha şükür, boynum əllaf xoruzunun boynuna dönüb. (İki əli ilə başına vurur.) Başına daşın böyüyü düşsün, Qoşunəli! Təməin artıqlığı adamı belə günə salar. Kərbəlayı Bəndəli (daxil olur). Salaməleyküm, mirzə! Mirzə Qoşunəli.. Əleykəssalam, kərbəlayı, buyur, müşərrəf eləyibsən, xoş gəlibsən, buyur əyləş. Ya Allah, ya Allah, ya Allah... Kərbəlayı Bəndəli. Xeyr, buyurunuz əyləşiniz... Ya Allah, ya Allah, ya Allah... Mirzə, yenə nə vaqe olub, fikir dəryasında qolatma üzürsən? Mirzə Qoşunəli.. Baba, necə fikir dəryasında üzməyim? Məni heyrət aparıbdır, mən bu sirrə məəttəl qalmışam ki, görürsən bir dövlətli şəxs nə qədər Allah yolunda pul xərcləyir, bir ucdan dövləti artır, amma elə ki başlayır şeytan yolunda xərcləməyə, bir az müddətdə müflis olur. Çox böyük sirdir, kərbəlayı ha. Kərbəlayı Bəndəli. Bəli, bəli, nə buyurursan, Allahın bərəkət əli, əlbəttə, onun yolunda malından keçənin üstündə olacaq. Buyur görək, kimin hərəkəti səni fikrə salıbdır? Mirzə Qoşunəli.. Xəllaqi-aləm necə qəribə adamlar yaradıb. Mən bir şəxsəm ki, cəmi İranı ayağımın altına alıb gəzmişəm. Amma bu növ şəxs, vallahi, görməmişəm. Kani-səxavət, kani-bəlağət, dəstgiri fəqirü füqəraya. And olsun sənin canına və babam ərvahına, hatəmülməmalikdə də mən bu səxavəti görməmişəm. Kərbəlayı Bəndəli. Kimi buyurursan, mirzə? Mirzə Qoşunəli. (qulaq asmayıb). Mən baxıram, özözlüyümdə fikir edirəm, deyirəm, bu səxavət hər kəsdə olsa, bir ildə çörəyə möhtac olar. Amma bunun?.. Kərbəlayı Bəndəli (onun sözünü kəsir). A kişi, atını minib çapma, bağrım çatladı. Bir söylə görək, kİmdir bu ali-vücud? Mirzə Qoşunəli.. Oğlan, məgər mən sözü başlayanda sən anlamadın? Kİmdir bu vilayətdə o vücud ki, onda ərz elədiyim sifətlər olsun, bəqeyr əz HacıSəmədağa? Kərbəlayı Bəndəli (başının aşağı salıb). Bəli! Mirzə Qoşunəli.. Kərbəlayı, sən bu “bəli”ni çox soyuq dedin. Bunun mənasından məni hali elərsən, ya yox? Kərbəlayı Bəndəli. Xeyr, Allah eləməsin. Nə sözdür?! Mənim hacının səxavətinə, kəramətinə heç bir şəkkim yoxdur və ola da bilməz. Bir yerdə ki cəmi şəhər onun səxavətindən danışır, mən necə şəkk gətirə bilərəm? Amma, doğrusu, mən bir belə danışığın müqabilində hacıda heç bir kəramət görməmişəm. Mirzə Qoşunəli.. Odur da! Ay bədbəxt, ağlı gözündə camaat! Kişi, nə vaxtadək siz, bazara çıxıb özünü camaata göstərmək üçün gəlib-gedənin əlinə qəpik-quruş verənlərə səxi deyəcəksiniz? Belə adamlara səxi demək olmaz. Vallah olmaz! Bu kişi, əvvəla, elə fəqirlərə əl tutur ki, onlar əhli-sual deyillər və saniyən köməyi o tövr edir ki, onu bir özü bilir, bir fəqir, bir də Allah! Nə buyurursan, kişi yəqinən əhli-cənnətdir. Kərbəlayı Bəndəli. Əgər belə isə, mərhəba! Mirzə Qoşunəli. Əlbəttə belədir. Babam ərvahına and olsun belədir. Bəs, kərbəlayı, təşrifinizin səbəbi nədir? Kərbəlayı Bəndəli. Təşrifimin bir səbəbi yoxdur. Bildir hacıdan götürdüyüm pulu gətirmişəm. Gərək veksilin də vədəsi tamam olmuş ola. Mirzə Qoşunəli. (bir kitab götürüb, vərəqləyib baxır). Bəli, kərbəlayı, bu gün vədə tamamdır. İmdi (hacının öskürək səsi gəlir) hacı təşrif gətirər, verərsən. Budur, deyəsən gəlir... Hacı Səmədağa daxil olur, əlində təsbeh, zikr edə-edə, Kərbəlayı Bəndəli ilə Mirzə Qoşunəli. qalxırlar ayağa. Hacı əli ilə işarə edir əyləşsinlər. Özü də əyləşir, onlar da əyləşirlər. Hacı Səmədağa (təsbehi cibinə qoyur). Əhvali-şərif, kərbəlayı, xoş gəlibsən. Kərbəlayı Bəndəlı. İltifatın artıq olsun, Allah oğlunuzu saxlasın. Hacı Səmədağa. Nə əcəb buyurubsan? Kərbəlayı Bəndəli. Heç, hacı ağa, elə bildir sizdən götürdüyüm iki yüz manatın vədəsi bu gün tamamdır, onu gətirmişəm qulluğunuza. (Əlini salır cibinə, pulu çıxarır.) Hacı Səmədağa. Ver mirzəyə. Mirzə, gör düzdürmü? Mən də durum kərbəlayının təməssükünü çıxardım. (Qalxıb sandığı açır, təməssükü və girovu çıxarır, mirzə isə pulu sayır.) Mirzə Qoşunəli.. Bəli, hacı ağa, düzdür, iki yüz qıx manatdır. İki yüz əsli, qırx manat müamiləsi. Hacı Səmədağa. Buyur, kərbəlayı. Bu sənin təməssükün, bu da girovun ( Kərbəlayı Bəndəli şeyləri alıb, gəlib əyləşir.) Mirzə, axşam gələn övrəti razı elədinmi? Mirzə Qoşunəli. Bəli, hacı ağa, bu sabah on manat aparıb verdim. Hacı Səmədağa. On manat azdır. Altı yetimi var, on manatdan biçarəyə nə olsun! On manat da apar ver! Mirzə Qoşunəli. Baş üstə, hacı ağa! Seyidin də yetimlərinə necə ki, buyurmuşdunuz, bir çuval un göndərdim. Hacı Səmədağa. Çox gözəl, di o iki yüz manatı ver buraya. Qırx manatı da saxla özündə. Sən bilirsən ki, o qırx manata mən əlimi də vurmaram, o da gərək füqərayə qismət oluna. (Mirzə Qoşunəli pulun bir hissəsini verir Hacı Səmədağaya, hacı alıb, üzünü tutur Kərbəlayı Bəndəli) Kərbəlayı Bəndəli. Çox yaman camaatdır, kərbəlayı, bizim bu camaat. Heç kəsin ürəyində Allah qorxusu yoxdur. Hər kəs hər nə qazansa, yediyini yeyir, artığını da gizləyir. Daha demir ki, mənim fəqir qardaşım da var, onun da əlindən gərək tutum. İmdi əlacım kəsilib, mən də bir belə qayda qoymuşam ki, özüm fəqirlərə məsrəf elədiyimdən əlavə, hər kəsə borc versəm, yüzə bir cüzi, yəni iyirmicə manat müamilə qoyub, o müamiləni də fəqirlərə verirəm. Mən də camaatdan bu tövr pul çıxardıram. Mirzə Qoşunəli.. Odur ki, xudavəndi-aləm başınızdan abineysan kimi tökür də. Məlumdur, fəqirlərə verən, Allaha verir və Allah da heç bir ehsanı biəvəz qoymaz, həm dünyada, həm axirətdə. Kərbəlayı Bəndəli. Əlbəttə, bu nə sözdür, Allah hacı ağanın vücudlarını bizə çox görməsin. (Durur ayağa) Xudahafiz, hacı ağa, qulluğunuzdan mürəxxəs oluram. Xudahafiz, mirzə! Hacı Səmədağa. Xoş gəldin, kərbəlayı. (Kərbəlayı gedir.) Mirzə, di o pulu da buraya ver görüm. Mirzə Qoşunəli. Necə pulu? Hacı Səmədağa. Necə pulu nədir? Belə o qırx manatı. Mirzə Qoşunəli. (gülür). Bəs bu fəqir pulu deyil? Hacı Səmədağa. İşini gör, rəhmətlik oğlu, fəqir nədir, heç mənim özümdən böyük fəqir yoxdur. Mirzə Qoşunəli. İmdi ki belədir, mən səndən də fəqirəm, yarısı sənin, yarısı mənim. Hacı Səmədağa. Gic-gic danışma, bəri ver. Sonra görüşərik. Mirzə Qoşunəli. Necə görüşərik? Budur, altı aydır ki, sənə qulluq edirəm, heç mənimlə görüşməyibsən. Bundan sonra nə görüşəcəksən? Hacı Səmədağa. Sən öləsən, necə ki lazımdır, səni xoşhal eləyəcəyəm. Mirzə Qoşunəli. Babam ərvahına and olsun, sənə iyirmi manatdan bir qəpik artıq verməyəcəyəm. Rəhmətliyin oğlu, mən məgər burada hambalibimuzdam? Hacı Səmədağa. Az danış! Ver buraya. Mirzə Qoşunəli. (öz boğazından tutur). Hacı ağa, axır özün bilirsən ki, mən sənin kələk yoldaşınam. And olsun babam ərvahına və bir oğlum Səbzəlinin canına, səni aləm içində rüsvay elərəm. Rəhmətlik oğlu, sən məni işimdən, gücümdən avara eləyib altı aydır ki, gətirib burada Dustaq eləyibsən ki, nədir, səni dünya malından qəni eləyəcəyəm. Bir belə vaxtda səndən bir quruş görməmişəm. Məgər insan deyiləm, məgər mən külfət sahibi deyiləm? Mənə deyən gərək, ay axmaq, məktəbdarlıqda nə yamanlıq gördün ki, buraxıb, gəlib buna nökər oldun? Məktəbdarlıqdan min cür mədaxil götürürdüm! Bax (barmaqları ilə sayır), bu Qurban pulu, bu bayram pulu, bu rəğabət pulu, Quran çıxandan xələt, atası Məkkədən gələndən xələt, bəy uşaqlarından yağ, pendir... hesab eləsən ildə dörd yüz manatdan artıq eləyirdi. Bundan əlavə, yandırdığım odun, kömür həmişə müftə düşürdü. Mən bir belə nəfi əldən buraxıb sənin qoltuğuna qısılmışam, sən də mənimlə belə rəftar edirsən. Məgər bunu Allah götürər? Mən sənin adına aldanıb gəlmişəm, görürəm, hamı sənin barəndə danışılan əfsanə sözlər imiş! Məni də eləyibsən nəqli-məclis! Sənətim səni bazarda, məclislərdə, dükanlarda tərif eləyib imanımı yandırmaqdı. Məgər mənim imanımın bahası belə rəftardır? Yalan danışmaqdan bilmərrə həyam, abrım tökülüb. Budur, görək hansı seyidin yetimlərinə bir çuval un gedib? Hansı arvada on manat verdin? Bir insafın olsun, ağa? Hacı Səmədağa. Daha yaxşı, az söylə, götür pulun iyirmi manatını qoy cibinə, füzulluq lazım deyil. Mirzə Qoşunəli.. Ha, belə ha!.. Allah oğlunu saxlasın, əvvəldən de də! Dahı məni niyə bir belə danışdırırsan? (Durub pulun yarısını hacıya verir.) Fərhad toza bulanmış daxil olur. Hacı Səmədağa (Fərhadın boynunu qucaqlayıb öpür). Ay oğlum, harada qaldın? Səni gözləməkdən gözlərimin kökü saraldı. Budur, dörd gündür ki, səndən tel gəlib. Bəs niyə gec gəldin? Fərhad. Çay çox daşqın idi, əmi, elə iki gün ona məəttəl olduq. Axır bir tövr su yatdı, düşüb gəldik. (Mirzəyə) Ya Allah, mirzə, əhvalişərif? (Əl verir.) Mirzə Qoşunəli. (ikiəlli onun əlini tutur). Sənin dövlətindən, Qurbanın olum, yaman-yaxşı, dolanıram. (Əllərini çəkir, öpür, qoyur gözü üstə.) Hacı Səmədağa. Tək gəldin, yoxsa yoldaşın da var idi? Fərhad. Xeyr, əmi can, tək gəlmədim, Musa ilə gəldim, Zeynal bəyin oğlu ilə. Hacı Səmədağa. Bir de görüm gimnaziyanı yaxşı tamam eliyə bildinmi? Fərhad. Bəli, yaxşı tamam elədim, hətta bir qızıl medal da ənam aldım. Hacı Səmədağa. Mərhəba, oğlum! Mənim səndə zənnim var idi. Afərin, afərin! Mirzə Qoşunəli.. Xeyr!.. Bu oğlan elə şəxsin yurdunda oturmayıb ki, axırın yetirməyə. Fərhad. Mirzə, əyləş, işinə məşğul ol. Mirzə əyləşir. Hacı Səmədağa. M u s a da yaxşı qurtardımı? Fərhad. Bəli, o da yaxşı qurtardı. Mirzə Qoşunəli.. Allaha şükür, Allaha şükür! Allah onun atasına rəhmət eləsin, kasıb kişidir, İmdiyədək borc, xərc onu oxudub. Gözlərinin tikənəcəyi bir odur, bəlkə bundan sonra oğlunun səbəbinə bir parça çörək sahibi ola. Hacı Səmədağa. Xub, İmdi, bala, şükür olsun Allaha ki, biz də qeyddən qurtardıq. Bir belə zəhmətdən sonra oxuyub dərsini tamam elədin. İmdi mən də qocalıb əldən düşmüşəm. Oturarsan öz mülk-maaşının üstündə, mülkün də, Allaha şükür, ucu-bucağı yoxdur, əgər oturub abad eləsən, özündən də savayı neçə adam saxlarsan. Fərhad. Doğrudur, əmi. Bu sözləri buyurursan, amma, məgər mən bundan ötrü sümük sındırmışam ki, axırı gəlib əkinçilik eləyim? Əgər belə idi, heç əvvəldən oxumazdım. Bir belə zəhməti çəkənəcən, gedərdim əkinçiliyə. Hacı Səmədağa. Xub, bəs belə olan surətdə sənin fikrin nədir? Fərhad. Bağışlayın, əmi, insan ki elm oxudu, gərək onun elmindən elmsizlər az-çox mənfəətbərdar olsunlar. Elm oxuyanlar gərək korlara göz, qaranlıqda qalanlara çıraq olsunlar. Elmli adamlar hamıdan artıq bizlərə lazımdır. Çünki camaatımız başsızdırlar. Bu vəzifəni yerinə yetirməkdən ötrü mənim elmim kifayət etməz. İmdi mənim fikrim budur ki, Musa ilə belə danışmışıq ki, bir yerdə gedək Xarkov şəhərinə. Orada həkimlik oxuyub qurtaraq. Hacı Səmədağa. Ay balam, bu dilləri sənə kim öyrədib? Sən ki bir sadədil uşaq idin?! Oğlum, Fərhad, Qurbanın olum, bu fikirləri başından çıxart. İmdiyədək oxuyubsan, rusun dilini bilirsən, elə o sənə kifayətdir. Ömürlər olub gödək. Bundan sonra get təzədən oxu, zəhmət çək, pənah Allaha, ola ya olmaya! Get, əlbəttə bu fikirlərdən düş. Sənin başına dönüm, hələ sən uşaqsan, beynin dolu qandır. Amma biz dünyada saqqal ağardıb, diş tökmüşük. Heç sənin məsləhətin deyil ki, bizim sözümüzdən çıxasan. Mirzə Qoşunəli.. Fərhad bəy! Hacı əmin düz buyurur. Bu kişi həmişə sənə atalıq eləyib. Əlbəttə, bu sənin pis olmağını istəməz və bu yerlərdə sənin ondan artıq xeyirxahın yoxdur. Fərhad. Əlbəttə. Bu mənim məlumumdur ki, əmimin mənim boynumda çox haqqı var. Amma yenə əmimdən təvəqqe eləyirəm ki, İmdiyədək mənim zəhmətimi çəkib, bir beş il də bundan sonra zəhmətini müzayiqə eləməsin. Hacı Səmədağa. İmdi ki belə möhkəm durursan, özün bil, bir sözüm yoxdur. Hələ get, bir ananla da görüş, söhbət elərik. Fərhad gedərkən Çingiz nəfəsini dərə-dərə, yüyürərək daxil olur. Çingiz. Bıy, sənin başına dönüm, ay əmioğlu! Xoş gəlibsən! (Fərhadın üzündən öpür.) Gəldiyini İmdicə bazarda eşidib burayadək yüyürmüşəm. Hələ de görüm, çörək yeyibsən, yoxsa acsan? Fərhad. Yox, ac deyiləm. Bir az bundan irəli yolda, karvansarada, Musa ilə ikimiz bir cücənin çığırtmasını bir çörəklə doyunca yemişik. Çingiz. Xa, xa, xa!.. İki adam bir cücə yeyiblər. Xa, xa, xa!.. Mən də elə bilirəm, bir qoyun şaqqası yeyiblər. Xa, xa, xa!.. Fərhad (gülür). Bir qoyunun da şaqqasını yemək olarmı? Çingiz. Vallah, dünən mərc eləmişdik, bir budu şişə çəkib, iki çörəklə tək yemişəm. İnanmırsan, mirzə gülbəsərdən soruş! Mirzə Qoşunəli.. Bəy, yenə mənə sataşdın? Çingiz. İmdi, sənə bir yol mirzə gülbəsər deyəndə nə olar? Mən ölüm, mirzə, yedim, yoxsa yox? Mirzə Qoşunəli.. Bəli, doğrudur. Çingiz. İmdi, mirzə, mən ölüm, de görüm, sən də bir budu yeyə bilərsən? Mirzə Qoşunəli.. Xeyr, başına dönüm, mən bacarmaram. Sənin iştahına da heç kimin sözü ola bilməz. Çingiz. Əlbəttə, heç kimin sözü ola bilməz. Hacı Səmədağa. Ay gədə, sarsaq-sarsaq söyləmə. (Fərhada) Get, qadan alım, ananın yanına. Çingiz (Fərhadın qolundan çəkir, atıla-atıla oxuyur): Gülbəsərdi, gülbəsər, Qocalsa başı əsər. Mirzə Qoşunəli.. Bəli, bu da bizim qazancımız. Hacı Səmədağa. Mirzə, bir dur yaxına gəl sənə sözüm var. (Mirzə gəlib hacının yanında əyləşir.) Mirzə, bu uşaq gəlibdir. İmdi mənim kürkümə birə düşüb. Sən gərək bir məsləhət töküb, mənim ürəyimi xofdan çıxardasan. Mirzə Qoşunəli.. Bəli, qulluğunu buyur görək. Hacı Səmədağa. Mirzə, mən imdiyədək bu uşağın xərcini çəkmişəm. Ayda otuz manat mən ona libasdan, kitabdan, şkoladan əlavə pul göndərmişəm. Vallah, elə bilirəm ki, bu pul mənim ətimdən kəsilib. İmdi də bir ayrı fikrə düşüb. Danışdığı dilləri də ki eşitdin. Mən bunu İmdiyədək əlimdə saxlamışam. İmdi qorxuram gedə oxuya, gələ, sonra öhdəsindən gələ bilməyim. Gərək mənə bir məsləhət tökəsən. Mən bir növ bu uşağı burada saxlayam. Əgər burada qalsa, mən onu elə əlimə dolaram ki, ömrü olanı qaynağımdan qurtara bilməz. Sən bilirsən ki, bunun atasının cəmi mülkü mənim əlimdədir, nə qədər mənfəət eləyirəm. Əgər bunu əldən buraxsam, bütün nəflər əlimdən çıxar. Mirzə Qoşunəli. (baş barmağını alnına qoyub fikrə gedir). Necəsən, mən bir tədbir töküm ki, Əmr Asın da ağlına gəlməsin? Hacı Səmədağa. And olsun Allaha, oğlum Çingizin canı üçün, səni dünya malından qəni elərəm. Mirzə Qoşunəli. Dünya malı mənə lazım deyil, onca manat pul ver, bir donluq da mahud, bu saat deyim. Hacı Səmədağa. Vallahi verərəm. İyirmi manat da verərəm, ancaq de. Mirzə Qoşunəli. Sən gəl Fərhad bəyi bir neçə günlüyə göndər kəndə gəzməyə və o gedəndən sonra birisinin qızını özündən bixəbər ona istə, al. Elə olsun ki, gəlsin ki, şirni də içilib, tamam olub. Ondan sonra ilişib burada qalasıdır. Amma bəşərti ki, toyunu da tez eləyəsən, ha! Hacı Səmədağa. Afərin, mirzə, sədd afərin! Həqiqət gözəl tədbirdir. Xub, bəs mən ona kimin qızını istəyim? Mirzə Qoşunəli. Nə qədər fikir eləsən, Məcnun bəydən yaxşısının qızını tapmayacaqsan. Əvvəla onun qızı çox gözəldir və əlavə Məcnun bəy sənin müxlisİndir. Ayağından öpüb qızını verər. Hacı Səmədağa. Sədd afərin, mirzə! Yediyin çörək sənə halal olsun. Mən bu gün-sabah Fərhadı göndərərəm kəndə və axşamı da Məcnun bəyin evinə elçi göndərərəm. Payız girməmiş də, inşallah, toyu elərəm. (Durur ayağa.) Çox sağ ol, mirzə. Məni qeyddən qurtardın. Mirzə Qoşunəli. Bəs, hacı, bizim xələt? Hacı Səmədağa. Belə mənim bu gözlərim üstə. And içmişəm, verəcəyəm. Amma bu söhbəti bir adam bilməyə ha! Mirzə Qoşunəli. Hacı, nə buyurursan? Məgər sən mənə bələd deyilsən? Hacı Səmədağa. Əlbəttə, əlbəttə... (Fərhad gedən qapıya yumruğunu göstərir.) Saxlaram səni! Pərdə * * * İkinci məclis Həmin otaq. Mirzə Qoşunəli. qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç nəfər kənd əhli görünür. Mirzə Qoşunəli. (geri dönüb kəndlilərə). Siz burada durun, qapının dalında, mən gedim Fərhad bəyə ərz eləyim. (Qapını örtüb, gəlib sağ tərəfdən keçir, bir azdan sonra Fərhad bəylə bahəm qayıdır.) Fərhad. Bəs məni görmək istəyənlər, mirzə, hanı? Mirzə Qoşunəli. Burada, qapıda durublar. Fərhad. Çağır gəlsinlər içəri. Mirzə Qoşunəli. Bəy, onların ayaqları, libasları tozludur, mən necə onları otağa çağırım? Xalı-gəbəni xarab eləyərlər. Yaxşı olardı ki, özünüz qapıya çıxıb, əhvallarını soruşub, yola salasınız. Fərhad. Düzdür, əmim həmişə yanına rəiyyət gələndə çıxıb onunla qapıda söhbət edib yola salır. Mən bunun mənasını başa düşmürdüm, İmdi anladım. Əmimə de və özün də bilginən ki, ayaqdan bulaşan tozu süpürgə ilə təmizləmək mümkündür. Otaq üfunətini pəncərəni bir qədər açıq qoymaqla rədd etmək olar. Amma bir para xəbis qəlbləri basan tozu heç bir süpürgə ilə təmizləmək olmaz. Murdar ürək sahibləri olan vücudların üfunətini dəryalar pak edə bilməz. Bu gələn kişilərin tozlu, çirkli ayaqları çox adamın ürəyindən təmizdir. Zəhmət çəkib çıx, o kişiləri buraya çağır! Mirzə Qoşunəli.. Bəy! Doğrusu budur ki, hacı ağanın qəzəbindən qorxuram. Sən məni onun qəzəbinə düçar eləmə. Mən də bilirəm ki... Fərhad. Bilirsən, bəs niyə danışmırsan? Mirzə Qoşunəli. Nə eləyim, ay Qurbanın olum? Bir parça çörək yeyirəm, əlacım nədir? Gərək hacının xahişi ilə rəftar edəm, yoxsa.. Fərhad. Nə yoxsa? Dalını de! Bir parça çörək ucundan din, əqidə, iman hamısı badə gedir? Get, get, get, mirzə! Buradan sənin sifətin, bağışlaginən, mənə bir ayrı cürə görünür. Get, get. Mən özüm kəndliləri çağırıb danışaram. Sən də cavabdehəndə olmazsan. Mirzə Qoşunəli. Bəy, görünür ki, sən mənim ərzimə dürüst mültəfit olmadın. Fərhad. Xeyr! Çox lətif anladım. Xatircəm ol, get, mirzə. Bəlkə gəldi, səni burada gördü. Mirzə sol qapıdan gedir, Fərhad iki əlini qoynuna qoyub bir qədər vaxt dalınca baxır, sonra qapını açıb kəndlilərə. Fərhad. İçəri gəlin, içəri gəlin! Əvvəlincikəndli. Ayağımız tozludur, Qurbanın olum. Fərhad. Eybi yoxdur, gəlin içəri. (Kəndlilər içəri gəlib, baş əyirlər.) Xoş gördük, lələlərim, xoş gördük! Kefiniz, əhvalınız necədir? (Onlarla əl verir. Əvvəlincikəndli istəyir Fərhadın əlini öpsün, qoymur.)Yox, yox! Razı deyiləm, layiq deyil sənin kimi ağsaqqal kişi əlimdən öpsün. Ala buradan öp. (Üzünü göstərir. Kəndlilər bir-bir onun üzündən öpürlər.) Belə yaxşıdır! Di əyləşin, söhbət eləyək. İkincikəndli. Q u r b a n ın olum, biz ata-babadan ağa qulluğunda oturmağa adət eləməmişik. Bizə izn ver qulluğunuzda duraq. Fərhad. Lələ, qəlyandan, çubuqdan, papirosdan bir şeyə adətkərdəsənmi? İkincikəndli. Necə ağa? Fərhad. Elə-belə soruşuram, lazımdır. İkincikəndli. Bəli, bəy. Evdə acı qəlyandan, zaddan çəkərəm. Yola çıxanda yanımda çubuq olur. Fərhad. Necə, yaxşı adətdir, ya pis? İkincikəndli. Başına dönüm, haradan yaxşı adətdir, adamın canını puç eləyir. Üçüncü kəndli. Bizim kənddə keçmişdə bir şair Həsən var idi ey, o deyərdi: qəlyan, əl yan mal yan, can yan. Fərhad. Yaxşı deyib, çox yaxşı deyib, bəs görünür pis adətdir. İkincikəndli. Əlbəttə, Qurbanın olum, Allah kəssin belə adəti. Fərhad. İmdi ki adətin pisi, yaxşısı olur, əyləşin. (Kürsüləri göstərir.) Üçüncü kəndli. Qurbanın olum, biz orada oturmaq bacarmarıq, yıxılarıq, qolqıçamız əzilər. Bizim üçün yer rahatdır. Fərhad. Eybi yoxdur, yerdə oturun. Mən də sizin rahat olmağınızı istəyirəm (Əyləşirlər. Fərhad kürsü üstə, kəndlilər isə yerdə otururlar.) Şəhərdə işiniz var idi, yoxsa mənim yanıma gəlmisiniz? Əvvəlincikəndli. Bəli! Bazara meyvə gətirmişdik. Eşitdik ki, təşrif gətiribsiniz, gəldik qulluğunuza baş əyək. Fərhad. Çox xoş gəlibsiniz. Mən də dünən gəlmişəm. İstəyirəm bu gün, günortadan sonra sizə qonaq gələm, kəndə. İkincikəndli. Gözümüz aydın olsun ağa! Allaha şükür, lap böyük oğlan olubsan. Fərhad. Çox sağ ol, lələ! Bağınız, əkininiz necədir? İkincikəndli. Niyə, Allahın dövlətindən yaxşıdır. Bildir əkinləri dolu döydü, amma bu il yaxşıdır. Bağların meyvəsi də Allaha şükür, boldur. Fərhad. Bəs eşitdim mallarda naxoşluq var imiş? Üçüncükəndli. Malların işi, Qurbanın olum, asandır. Bir dananın burnu qanayanda böyründən neçə həkim çıxır. Ancaq insana qulaq asan yoxdur. Hər kimi ağrısı tutsa, gərək kəfənə adam göndərəsən. Fərhad. Məgər yaxında həkim yoxdur? Əvvəlincikəndli. Həkim bir günlük yolda olur, yollarımız xarab, azarlını nə arabada aparmaq olur, nə atla. Qonşu kənddə bir otaylı nüsxəbənd var. Həkimlikdən də az-maz başı çıxır. Gedib bir manat verib gətiririk. Otdan, ələfdən verib, çıxıb gedir. Üçüncükəndli. Bir üç il bundan irəli kəndə “xalyar” naxoşluğu düşmüş idi, nə qədər adam qırıldı. Feyzulla kişinin külfəti yeri ilə batdı. Necə aydan sonra, budu gördük, bir həkim bir arıq yabının belində budu gəldi. Gəldi gördü azar çoxdan qurtarıb, yabının başına biriki ağac vurub qayıtdı, getdi. Fərhad. Yox, belə olmaz. Buna əlac lazımdır. İmdi gəlirəm kəndə, ətraf kəndlərdən də camaatı yığaram, bir kağız qayırıb dövlətdən həkim istərsiniz. Özüm də həkimlik oxumağa gedirəm. Dərsimi tamam eləyəndən sonra, gəlib içinizdə oturram, işiniz daha yaxşı keçər. Kəndlilər. Allah ömrünü uzun eləsin! Allah sənin kölgəni bizim başımızdan əskik eləməsin! Fərhad. Bu il baramanız necədir? İkincikəndli. Barama yaxşı olmadı. Bu il bir urus gəlmişdi, deyirdilər ki, içəridən göndəriblər, gəldi bizim barama komalarımıza baxdı. Sonra dedi ki, siz barama saxlamağın qaydasını bilmirsiniz, o səbəbə qurdlarınız qırılır. O deyirdi ki, tikdirdiyiniz komalar yaramaz. Gərək ayrı komalar tikəsiniz. Beş dənə də müsəlmanca yazılmış kitab verdi ki, bunları oxuyun, burada barama saxlamaq qaydası yazılıb. Biz də başına dönüm, bisavad adamıq, kitabdan nə baş açacaq idik? Üçüncükəndli. Mən o kitabın birini apardım mollaya verdim oxusun, o da, deyəsən, bir şey başa düşmədi. Kitabı o yan-bu yana vərəqlədi dedi: “Boş şeydir, ata-baba qaydanızla barama saxlayın. Azçoxluğu bağlıdır Allahın tövfiqinə, ürəyiniz düz olsa, biyabanda da barama saxlayıb məhsul götürə bilərsiniz”. Birincikəndli. Bizim qonşumuzda bir erməni var, kor Minas! İkincikəndli. Minası demə! Onun işi əcazdır, əcaz! Birincikəndli. Budur neçə ildir, bir ev tikdirib, orada barama saxlayır. Bu il eşitməmişəm ki, onun qurdları tələf olsun. Mən soruşdum, deyir ki, kitab üzü ilə saxlayıram. Fərhad. Bəs o rus verən kitabı mənim əmim görmədi? Birincikəndli. Gördü, oxudu, dedi ki, bir belə barama komasının yüz manat xərci var. Qurban ın olum, biz yüz manatı haradan alaq? Fərhad. Niyə, əmim pul verə bilməz idi? Lazım olan qədər əmimdən pul götürün, koma tikdirin, sonra baramanı satıb gətirib verərsiniz. Siz xahiş eləsəniz, hər bir adama bir koma tikdirib şərakətli barama saxlaya bilərsiniz. (Kəndlilər başlarını aşağı salırlar.) Niyə kiridiniz? Birincikəndli. Dəxi nə ərz eləyək? Fərhad. Yox, sizin ürəyinizdə söz var, bilmirəm niyə demirsiniz? Siz mənimlə açıq danışın, mən də sizin kimi bir adamam, nə qədər açıq danışsanız, bir elə mən sizdən razı olaram. Üçüncükəndli. Bəy, doğrusu budur ki, Hacı Səmədağa ilə bizim sövdamız tutmur, mən bilmirəm onun əlinin suyunu... Fərhad. Necə? Üçüncükəndli. Bizə pul lazım olanda həftə bazarına gedib, ayda tümənə bir abbası müamilə ilə Hacı Səfərdən alırıq. Amma Hacı Səməd ağa ayda manata beş şahıdan əskik müamiləyə pul vermir. Fərhad. Nə danışırsan, kişi? Bu, ildə yüz manata altmış manat müamilə eləyir?! Məgər mənim əmim belə iş görür? O ki bir mömin, namaz qılan, şəriətdən baxəbər şəxsdir. O niyə belə eləyir? İkincikəndli (üçüncü kəndlini göstərir). Bu yazığa üç-dörd il bundan qabaq otuz beş manat pul vermişdi, əlli manatadək hacıya pul verib, yenə borcludur. Fərhad. Yox, mən əmimi belə bilmirəm. Mən onunla bu barədə danışaram. Bu yaxşı iş deyil ki, əmim tutur. Hacı Səmədağa Mirzə Qoşunəli ilə daxil olurlar. Rəiyyətlər və Fərhad ayağa dururlar. Hacı Səmədağa. Bu nədir? Bu nədir? (Rəiyyətlərə) Siz öz məğamınızı bilirsiniz ya yox? Siz İndiyədək bu otağın içini görübsünüzmü? Otağı toza-torpağa bulamağınız kifayət etmir, hələ bir əziz qonaqlar kimi istirahətlə də əyləşibsiniz?! Birincikəndli. Hacı ağa. Bizə Fərhad bəy izn verdi, biz də onun qulluğunda oturduq. Hacı Səmədağa. Fərhad bəy uşaqdır, amma sən ağsaqqal heyvansan, gərək ağa ilə nökərin yerini biləsən. Fərhad. Əmi, nə buyurursunuz? Məgər bunlar da bizim kimi adam deyillərmi? Hacı Səmədağa. Yox! Bunlar adam deyillər, rəiyyətdirlər, rəiyyət! Başa düşürsənmi? Fərhad. Xeyr, başa düşmürəm. Hacı Səmədağa. Onda bunlar çıxsınlar eşiyə, mən səni başa salım. (Rəiyyətlərə.) Gedin çöldə oturun. (Rəiyyətlər gedirlər.) Bilirsən, Fərhad, sən uşaqsan, bu cəmaətə bələd deyilsən, rəiyyət tayfası deyəndə, bir bihəya məxluqdur. Bu gün izn verərsən yanında otursun, sabah görərsən özü səndən izinsiz gəlib kürsülərin üstündə əyləşib. Bir azdan sonra da gəlib boynuna minəcək. Bunlara nə qədər qapaz dəysə, bir elə tabe olarlar. Fərhad. Əmi, niyə belə sözləri buyurursunuz? Bu yazıqlar, vallah, insandırlar. Bizimtək, bəlkə də bizdən də bir az yaxşı insandırlar. Bunların da ürəklərində dərdləri var, qəmləri var, bu yazıqlara ürək dərdlərini heç kəsə söyləmək mümkün olmur. Bəy yanına gəlirlər, qapıya çıxıb üç kəlmə danışıb yola salırlar. Aralarına yüzbaşı gəlir, onlarla qamçı ilə danışır. Pristav söyüşlə söhbət eləyir. İmdi mən bunlarla danışırdım, deyirlər ki, hər il barama qurdlarımız qırılır, çünki kitab üzü ilə tikdirməyə pul tapmırıq. Pul da lazım olanda gərək gedib elə müamilə ilə götürək ki, ömrümüz olanı altından çıxa bilməyək. Hətta deyirlər, bir zalım, nainsaf, Allahdan dönmüş var ki, onlardan ayda manata beş şahı müamilə alır. (Hacı səksənir.) Bax, təəccüb elədiniz?! Nə olar ki, onlara müamiləsiz pul verəsiniz ki, gedib o növ məlum müamilədarın əlinə keçməyələr? Hacı Səmədağa. Yalan deyirlər, inanma. Elə şey olsa, mən bilərəm, yalan deyirlər. Fərhad. Əmi, inanmıram yalan deyərlər! Nə düşüb onlara yalan desinlər? Və əlavə deyirlər ki, onlara kitab paylayıblar, baramaçılıq kitabı. Kənddə bir nəfər savadlı yox imiş ki, o kitabı oxuyub onları başa sala. Biz gərək səy edək ki, onlar uşaqlarını oxutsunlar. Məgər insafdır ki, bir kənddə bir savadlı adam tapılmasın? Hacı Səmədağa. Bala, qulaq ver, sən gedib o camaatın içində bir neçə gün otursan, bilərsən ki, onlar necə məxluqdurlar. Rəiyyət nə qədər avam olsa, bir elə bəy üçün məsləhətdir. Hərgah bunlara biz elm oxutsaq, gərək sonra gedib dilənək. Hərəsi gedib başına bir şapka taxıb deyəcək ki, mən abrazonam. Ondan sonra hünərin var onlarla danış. Gəlib yanında izinsiz əyləşəcək, guya min ildir səninlə bağrıbadaşdır. Kəndə gedəcəksən, məhəl qoymayacaq, deməyəcək ki, ağa gəlib, gedim ona bir salam verim. Fərhad. Yəni öz hüququnu dürüst anlayacaq! Hacı Səmədağa. Buna sən hüquq deyirsən? Buna sən hüquq deyirsən? Bu, hüquq deyil! Mən bunu heç vədə qəbul etmərəm. Mənim yaşım altmışdan ötüb, bu gün-sabah ölərəm. Onda bilərsən ki, qoca əmin doğru danışırmış. Fərhad. Əmi, siz bilin ki, bəyi bəy, rəiyyəti rəiyyət eləyən bizim kimi bir adamdır. Vaxt ki, onları sizin ixtiyarınıza veriblər, gərək siz onlara atalıq eləyəsiniz. Yəni çalışasınız ki, rəiyyətin elmi artsın, güzəranı artsın. Hacı Səmədağa. Bala, mən deyəni sən başa düşmürsən. Ta bir müddət bəylik eləməyincə bilməyəcəksən. Gedib bir para sarsaqsarsaq kitablar oxuyubsan, oturub danışırsan. O kitab yazanın heç biri nə bəydir, nə rəiyyət. Avara-avara adamlardır. Ancaq aralıq qarışdırırlar. Rəiyyət nədir, dövlət nədir, elm nədir, sənət nədir? Rəiyyət ki dövlətləndi, gərək bəy baş götürsün kənddən çıxsın. Fərhad. Əlbəttə, gərək çıxsın! Nə istəyir bəy bu yazıq rəiyyətdən? Açıq danışmaq istəyirəm, Allahın yerini kim sənə məxsus edibdir? Nə səbəbə yer sənin olsun? Niyə bəy öz zəhməti ilə çörək yeməsin? Məgər bu, insan sifətidir? Siz rəiyyətə heyvan deyirsiniz. Öz alnının təri ilə çörək qazanan heyvan deyil, bəlkə xalis bir insandır! Kifayətdir min illərlə camaatı əsir edib öz həmcinsiniz insanın qanını sorduğunuz! Hər kəs öz hüququnu tanısa yaxşıdır. Heç kimin ixtiyarı yoxdur desin ki, yer mənİmdir. Yer Allahındır və hər kəs gərək o yerdən aldığı mənfəətə tək özü sahiblik edə. Hacı Səmədağa (Mirzəyə). Vallah, bu uşaq deyəsən dəli olub. Gedib kənddə bir-iki belə söz danışsa, camaatı bilmərrə bizim üzümüzə durğuzacaq. Axırda da erməni Simonun oğlu kimi qollarını bağlayıb göndərəcəklər birbaş Sibirə. (Fərhada) Qurban ın olum, ağlını başına cəm elə, bu sözləri burada danışdın, keçər, daha gedib kənddə danışma! Nə eləyək, elə ki mən də öldüm, kəndə sahidik elədin onda özün bil. (Mirzəyə) Mirzə, dahı bunu danışdırmaq xatadır, gedək. Gedirlər. Fərhad (dallarınca). Gedin, gedin, bir vaxt olar, sizdən hesab istərlər. Bu dilləri onda danışarsınız. Hələ bir müddət isti otaqlarda, yumşaq yorğandöşəklərdə istirahət edin, amma sizi öz zəhmətləri ilə bəsləyənlər soyuqdan, acından qırılsınlar. Nainsaf zalımlar, bimürüvvət cəlladlar! Hələ dövran sizİndir. Amma bunu yəqin edin ki, buynuzsuz qoçun qisasını, buynuzlu qoçda qoymazlar! Batar sizin kimi xunxar cəlladlar! Pərdə * * * Üçüncü məclis Həmin otaqdır. Hacı Səmədağa, Mehrixanım və Mirzə Qoşunəli., qoltuğunda bir mücrü, durublar otağın ortasında. Hacı Səmədağa (Mirzəyə). Mirzə, bizim evimizin məhrəmi sənsən. Gərək şirin üstə özün gedəsən. Mirzə Qoşunəli. Baş üstə, borcumdur. Mehrixanım. İmdi bu alınanlar nə qədər şey oldu? Hacı Səmədağa. Nə bilim, rəhmətlik uşağı. Adımı eşidib elə bilirlər ki, mən xəzinə üstündə oturmuşam, lap göydən gedirlər. On put şirni istəmişdilər, yeddi dəst iri xələt, on iki dəst xırda xələt, beş iri qənd kəllələri, bu mücrü də ki nişanlardır. Mehrixanım. Dahı niyə darılırsan? Bircə qardaşın oğlu var. Belə şeyləri sən ona niyə çox görürsən? Hacı Səmədağa. Yox, vallah, çox görmürəm. Fərha dın adı gələndə və gələn yerdə mən canımdan keçərəm. Ancaq dediyim odur ki, bir belə şeylər nəyə lazımdır? Beş put şirni də kifayət edərdi, xələtin də yarısı. Mirzə Qoşunəli.. Nə sözdür! Fərhadın bu dünyada səndən savayı kimi var? Allah sənin oğlunu saxlasın, sən həmişə onun xoşbəxt olmağına çalışıbsan. Hacı Səmədağa. Xudavəndi-aləm məni qiyamətə rəiyyət sifətində gətirsin, əgər mən onu öz oğlum Çingizdən artıq istəmirəmsə. Mirzə Qoşunəli.. Yəqin belədir. (Kənara) Əlbəttə mənim də belə halva qardaşım oğlu olsa, onu nəinki öz oğlumdan, bəlkə canımdan da artıq istərəm. Çingiz (yüyürərək daxil olur). Dədə, dədə! Budu Fərhad İmdicə gəldi, atdan düşdü. Mən onu tutub dartıram baqqal dükanına ki, mənimlə mərcləşsin, on beş girvənkə gilası bir oturuma yeyim, o elə bir ucdan soruşur ki, bu yüklü qatırlar nədir, burda durub? Hacı Səmədağa (intizarla). Nə deyirsən? Fərhad doğrudan gəldi? Çingiz. Vallah doğru deyirəm, bu saat gələcək buraya. (Gedir.) Hacı Səmədağa. Bax, mirzə, cəmi taqsır səndədir, gərək bu iş dünən tamam olaydı. Mən sənə neçə dəfə dedim ki, kişi, işi təcili gör! Mirzə Qoşunəli.. Mirzə başına nə daş salsın, ay hacı?! Qız evinə ayaq döyməkdən çustlarım dağılıb. Getdim, gəldim, elə dedilər ki, şənbə günü saat xoşdur, ayrı günü qəbul eləmədilər. Mehrixanım. Əlbəttə gərək xoş saat ola, yoxsa bu şirni içmək zarafat deyil. Hacı Səmədağa. Mən dediyim ayrı söhbətdir, sən bilməzsən. Mehrixanım. Nə deyim? Fərhad yorğun halda girir içəri. Fərhad. Əmi, bu yüklü qatırlar nədir, qapıda dayanıblar? Hacı Səmədağa (gülə-gülə). Qurbanın olum, şirnidir. Alıb göndəririk Məcnun bəyin evinə. Belə sənə şirni içirik. Fərhad. Sizə kim tapşırmışdı mənə şirni içəsiniz? Məgər mənim evlənmək fikrim var idi? Siz özünüz bilirsiniz ki, mən bir-iki aydan sonra çıxıb gedəcəyəm. Hacı Səmədağa. Qurbanın olum, sən gedəndən sonra mən də anan da, hətta Mirzə Qoşunəli. də yığılıb sənin səlahın üçün bu məsləhəti qoymuşuq və sənin getməyini də, hərçənd sən deyirsən, biz məsləhət görməmişik. Qurban olum sənə. Sən hələ uşaqsan, başa düşmürsən. Amma biz sənin böyüyünük, sənin məsləhətini səndən yaxşı biz başa düşürük. Fərhad. Əmi, belə iş olmaz. Əvvəla, doğru buyurursunuz, bu heç vədə mənim məsləhətim olmaz, çünki mənim cəmi-cümlətanı on səkkiz yaşım var. Hələ evlənmək vaxtım deyil və bir də siz ki, bu işi görürsünüz, nə olardı mənə də xəbər eləyəydiniz. Hacı Səmədağa. Başına dönüm, iş tələsiyə düşdü. Baxdım, gördüm, Səfərxanlı bəyləri elçi göndəriblər. Sən gedən gündən gedib qızı istəyəcəklər, doğrusu, qorxdum qız əldən çıxar. Məsləhət bilib, sənə xəbər eləməmiş, gedib qızı istədik. Bir yamanlıq ki eləməmişik?! Fərhad. Dahı yamanlıq siz nəyə deyirsiniz? Insanı da özündən bixəbər evləndirmək olarmı? Məgər bu da sizlərdə adətdirmi? Doğrusu, utanıram, sizə də deyə bilmirəm. Ancaq mən heç kəsi vəkil eləməmişdim məni evləndirsin. Hərçənd siz bu işi görübsünüz, amma mən razı deyiləm. Hacı Səmədağa. Yəni sənin dediyin bu deyil ki, sən bizi vücud hesab eləmirsən? Mənim xahişim budur, gərək də belə ola. Fərhad. Mən bu günə cavabı sizdən eşitmək istəmirdim. Amma İmdi ki, iş məqama çatdı, mən də açıq deyirəm: heç kəs mənə vəkil deyil, hətta mənim əmim də olmuş ola. Mən evlənmək vaxtımı özüm bilirəm. Hər kəsi gözüm tutar, ürəyim sevər, alaram. Özüm də getməliyəm. Bu saat bir adam göndərəcəyəm, ya özüm gedəcəyəm, Məcnun bəydir, nə itdir, onun yanına və məlum eləyəcəyəm ki, onun qızı mənə lazım deyil və heç kəs də vəkil deyil mənim tərəfimdən kəbin kəsdirməyə. Hacı Səmədağa. Ay balam, bu nə sarsaq sözlərdir danışırsan? Adamı görmüşük atası, anası evləndirər, əmisi evləndirər. Mən də camaat arasında bir abır sahibiyəm. Sən necə razı olarsan ki, sənə İmdiyədək ata yerində olan əminin abrısı tökülsün? Fərhad. Mən bir nəfər şəxsin abrısı tökülməməkdən ötrü özümü bədbəxt eləyə bilmərəm. Hacı Səmədağa. Artıq-əskik danışmaq lazım deyil. Sənin borcundur oturasan öz yerində və böyük nə desə itaət eləyəsən. Me hrixala. Qurban ım olum, vallah, səni heç kəs dünyada əmincə istəmir. Sən niyə onun sözünə bərəks gedirsən?! Fərhad. Bəli! Sən də məni çox istəyirsən, onu da görürəm. Belə məlum olur ki, sənin də beynini yeyiblər. Sən hərgah mənə ana olsaydın, mənim kimi oğlu tullayıb, dingildəyib ərə getməzdin. Heç kəsin sözü bu saat mənim qulağıma girməz. Mən uşaq deyiləm, bu dəqiqə gedirəm Məcnun bəyin evinə. (Getmək istəyir.) Hacı Səmədağa (onun qolundan tutur). Dayan! And olsun Allaha, bu saat qiyaməti bərpa elərəm. Fərhad. Əldən qoy məni! Qiyamət onda bərpa oldu ki, atam öldü və məni qəza saldı sənin qaynağına. Mirzə Qoşunəli. Fərhad! Hər tərəfdən yüzədək qonaq çağırılıb, bəs onlar nə deyərlər? Fərhad. Kəs səsini, qabyalayanın biri! Sən nə danışırsan? Sən nə Hacı Səmədağa üçün qaya olubsan! Ondan çıxan səs səndən çıxır. (Hacıya.) Burax qolumu! Hacı Səmədağa. Yəni dediyin nədir? Fərhad. Burax qolumu! Hacı Səmədağa. Buraxmaram! Fərhad. Sənə, əldən qoy deyirəm, yoxsa vallah, səni artıq bihörmət elərəm. Hacı Səmədağa. Dahı bundan artıq nə bihörmətlik olacaq? Xahişin bu deyilmi ki, məni bir saqqallayıb da döyəsən? Gəl bəri! (Fərhad dartınır. Hacı onu itələyib sol tərəfdən otağa salıb, qapını bağlayır.) Nəməkbəhəram! Di get, hər nə bilirsən elə, nəməkbəhəram, məlun! Fərhad (qapının dalından). Nəməkbəhəram mən deyiləm! Mən öz çörəyimi yeyib minnət götürmürəm. Nəməkbəhəram o adamdır ki, özgə çörəyi ilə adam olub, yolundan çıxa! Hacı Səmədağa. Kəs səsini, məlun! And olsun Allahın birliyinə, bir il tamam bu otaqda Dustaq saxlaram, dilini kəsməyincə səni buradan buraxmaram. (Mirzəyə) Mirzə, sən dayanma, şirnini götür, düş yola! Özün də qabaqca get. Evin ağsaqqalısan. Mən də budur gəlirəm. Mirzə Qoşunəli.. Baş üstə (öz-özünə). Inşallah, hər iki tərəfin xoşhallığı ilə iş əmələ gəldi. (Gedir.) Hacı Səmədağa (Fərhada tərəf). Kəsərəm sənin nəfəsini! Fərhad (dalınca). Mən bəlkə öləm, nəfəsim kəsilə! Polad sınar, əyilməz! Hacı Səmədağa. Mən səni kürəyə salaram, altını zindan elərəm, üstünə çəkic, çox göyçək əyilərsən. Bir adamın ixtiyarı yoxdur mənsiz bunu buradan çıxartsın. (Mehrixanıma) Sən də get qonaqlarını götür, düş yola. Mehrixanım sağ qapıdan və hacı orta qapıdan gedirlər. Otaq bir az vaxt boş qalır, sonra Musa daxil olur. Musa. Bu ev niyə boşdur? Fərhad da deyəsən, yorulmuş adam, evdən çıxıb. Fərhad (daldan). M u s a! M u s a! Musa. Ay balam, oraya niyə giribsən? Fərhad. Bircə gəl bu qapını aç, sonra bilərsən, deyərəm dərdimi sənə! Musa (qapını açır, Fərhad çıxır). Bu nə gündür düşübsən, ay binəva? Gözümüz aydın olsun! Fərhad. Mənə niyə gözaydınlığı verirsən? Gözaydınlığı o adama verginən ki, qanımı içməklə məramına yetir. Ziyafət eləyirlər, iki yüz qonaq çağırıblar, mənə nişan taxırlar. Bəs səni niyə çağırmayıblar? Musa. Çağırıblar, amma özüm getmədim. Fərhad. Niyə? Musa. Bildim ki, bu işdən sən narazısan. Doğrusu, mənim də pisimə gəldi, getmədim... Hələ bir de görüm bu nə zindandır, səni salıblar? Fərhad. Nə deyim, nə eşidəsən? Bu saat mənim ürəyim qandır, dünyanı gözüm görmür. Məgər yetim adamın gərək günü həmişə qara olsun? Mən öz bəxtimdən narazı oldum, məni zindana saldılar. Bilmirəm, vallah, nə qayırım, ya gərək özümü öldürəm, ya bir başqa adamı. Musa. Məgər sənə heç məsləhət eləmədilər? Fərhad. Deyirlər böyük bilən yaxşıdır. Yəni böyük hər nə çalsa, kiçik gərək oynasın. Musa. İmdi bəs sənin fikrin nədir? Fərhad. Mənim fikrim nə olacaq? Vallah özümü elə itirmişəm ki, bilmirəm gün haradan çıxır, harada batır. Qurbanın olum, Musa, mənimlə doqquz ildir ki, yoldaşsan, mənə qardaşlıq eləyibsən. Gərək mənə sən bir fikir çəkəsən. Musa. Balam, mənə fikir çəkim, bu yerdə mənim əlimdən nə gələr? Fərhad. Mu a, burada hamısı məni təkləyib, yeməyə çalışır. Barı sən məni tək qoyma. Gərək ya sən gedəsən Məcnun bəyin yanına, ya ikimiz də bir yerdə gedək Məcnun bəyə məlum eləyək ki, onun qızı mənə lazım deyil və deyək hamıya belə desin ki, guya özü məni bəyənməyib, qızını mənə vermək istəmir. Musa. Bundan heç zad çıxmaz. Çünki sən bir nemətsən ki, göydən düşübsən Məcnun bəyin əlinə. O, deyəndə, bir ac adamdır. Elə bir sənin kimisini axtarır ki, qızını onun boğazına bağlasın. Axtardığı yar idi, yetirdi pərvərdigar! Məcnun bəy heç vədə bu təklifi qəbul eləməz. Fərhad. Eləməz, cəhənnəmə qəbul eləsin! Biz ki öz sözümüzü deyərik. Musa. O da mümkün deyil. Gərək bu əhlin adətinə çox yaxşı bələd olasan. Bəyin bir sürü ac qohum-əqrəbası və qardaşları var. Vallah, səni bir gün qoymazlar sağ qalasan. Zarafat deyildir... Fərhad. Ay balam! Axır bir de görüm bəs mən nə eləyim? Axır bağrım çatladı, vallah, çatladı!.. Mu s a. Heç əlac yoxdur. Dinməz, söyləməz otur yerində. Müsibətə qatlaş, möhrü-xamuş vur dodaqlarına. Çingiz, əlində kağıza bükülü şirni, daxil olur. Çingiz. Fərhad! Ala sənə şirni verim! Vallah, bu saat öz payıma düz on girvənkə yemişəm. Bunu da sənə gətirmişəm. Fərhad. Buraya ver görüm. (Alır, kağızdan şirnini çıxarır.) Bu nədir?. Çingiz. Görmürsən nədir? Şirni! Fərhad. Bunu nədən qayırıblar? Çingiz. Elə bilirsən bilmirəm, şəkərdən! Fərhad. Yağı da varmı? Çingiz. Niyə yoxdur, var! Fərhad. Un da qatırlarmı? Çingiz. Qatırlar. Fərhad. Gərək ki, halvanı da undan, şəkərdən, yağdan qayırırlar? Çingiz. Hə! Fərhad. Di onda, sən halvanı yeyinən, şirni pis şeydir, boğazın ağrıyar. (Şirnini çırpır Çingizin sinəsinə.) Di çıx çölə, çıx deyirəm sənə, çıx! Çingiz. F ə r h a d! Mən sənə nə eləmişəm ki, məni qovlayırsan? Fərhad. Çıx deyirəm sənə, çıx çölə! Sənin gözlərin məlun adamların gözlərinə oxşayır. Çıx...Möhrü-xamuş...Xa..xa...xa... (Ucadan gülə-gülə yıxılır, Musa onu tutur.) Musa. F ə r h a d! Nə qayırırsan? Nə oldu sənə?! Fərhad cavab verməyib əl-ayaq çalır. Musa onu yıxır kursunun üstə. Pərdə * * * Dördüncü məclis Həmin otaq. Fərhad başıaçıq əyləşib, əlində bir neçə paket, baxır. Cibindən bir şəkil çıxarıb baxır, bir dərin ah çəkib qoyur cibinə. Fərhad. Mənim xeyirxahlarım mənə gəlin gətiriblər, mənə ağ gün ağlayıblar. Məni ev sahibi eləyirlər, xoşbəxtliyimə çalışırlar, Allah onlardan razı olsun. Mən razıyam! Vay yazıq Fərhad! Vay bədbəxt Fərhad! Nə fikirlər eləmiş idin, nə xəyallara düşmüşdün, hamısı puç olub hava tək dağıldı. Mənim düşmənim də, Allahdan istəyirəm, bu halətə düşməsin. İki əli ilə başını tutur. Mehrixanım içəri daxil olur. Mehrixanım. Fərhad! Qadan alım, niyə belə eləyirsən? Niyə evdən qaçırsan? Evə də gələndə o kənara, bu kənara çəkilib ağlayırsan? Adam da öz anasından dərdini gizlədərmi? Sənə gözəl-göyçək, gül parçası kimi gəlin gətirmişəm. Vallah, bu şəhərdə heç kəsin elə gəlini yoxdur. Bircə de görüm, sənə nə olub? Fərhad (başını qovzayır). Gəl otur yanımda. Bir de görüm məndən nə istəyirsən? Yəqin ki, mənim evdən qaçmağıma bir səbəb var. İnsanın da ürəyində bir dərdi olmasa, yəqin ağlamaz. Axır bir de görüm, sən nə deyirsən? Nə qarabaqara düşübsən dalımca gəzirsən? Niyə məni öz halımda qoymursan? Mehrixanım. Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Gecə-gündüz elədiyim arzulara çatmışam, sənə toy eləmişəm. Axır səni belə görəndə ürəyim yanır. Fərhad. Bir de görüm sən kimsən ki, mənə belə ürək yandırırsan? Kimsən sən? Mehrixanım. Bu nə sualdır eləyirsən, a balam? Necə mən kiməm? Məgər məni tanımırsan? Fərhad. Yox, tanımıram. Mən bilmək istəyirəm ki, sən kimsən və kimin anasısan? Mehrixanım. Kimin anası olacağam, sənin. Fərhad. Yox, yalan deyirsən. Mənim anam yoxdur. O gündən ki mənim atam ölüb, mən yetim qalmışam. Yox, sən mənim anam deyilsən. Yox, yox, sən ancaq Hacı Səmədağanın övrətisən. Sən mənim anam olsaydın, məni bəsləyib saxlardın. Havan başına vurub, gedib Hacı Səməd ağa tək qaniçənə övrət olmazdın. İmdi sənin oğlunun evini yıxıblar, bədbəxt eləyiblər, gözəl-gözəl arzularını puç eləyiblər, amma sən sevinirsən ki, oğlum evli olub. Deyirsən arzularıma çatmışam. Arzularına sən çatmayıbsan, arzularına çatan tək bir Hacı Səmədağadır. Sən də onunla əlbir olub məni öldürəndən sonra gəlib ağlayırsan! Mehrixanım. Ay oğul! Sən mənim bircə balamsan! İmdiyə tək ayrılığına tab gətirməmişəm. İmdi də dedim oğlum evli olar, eşikli olar. Mən də ona baxdıqca ürəyim açılar. Sən nahaq yerə əmindən inciyirsən. Vallah, o səni öz oğlundan artıq istəyir. Əmin də deyəndə ki, Fərhad istəyir yenə təzədən oxumağa getsin, əvvəl “qoymaram” deyən mən oldum. Əmində heç taqsır yoxdur. İndi də əlacım yoxdur. Yenə səbr elərəm. Getmək istəyirsən, get. Fərhad. Haraya gedim? Mənim ayaqlarım bağlanandan sonra haraya gedə bilərəm? Quşun qanadını kəsib havaya buraxsan, uça bilərmi? İmdi mənim ayaqlarım bağlı, qanadlarım kəsilibdir. Sən sevinirsənoğluma gəlin gətirmişəm, oğlumu ev sahibi eləmişəm, ayrılığa davam eləyə bilmərəm. Beş illik ayrılığına ki, sən davam edə bilmirsən, bəs həmişəlik ayrılığa necə davam edəcəksən? Mehrixanım. Qurbanın olum, sən Allah belə sözləri danışma. Allah mənim ölümümü sənin qabağında eləsin. Həmişəlik ayrılıq nədir? Fərhad. Sən məni puç eləyibsən. Bu saat mənim vücudum bir qara pula dəyməz. Mən fikir edirdim ki, gedərəm, oxuyaram, qayıdaram, amma İmdi mən yarımçıq qalanın biri nəyə lazım? Məndən camaat nə mənfəət ala bilər? Sən analıq məhəbbətinin nə olduğunu bilmirsən. Belə güman edirsən ki, analığın axır vəzifəsi oğlunu evləndirib, ona baxıb fəxr etməkdir. Evlənmək insan üçün lazımdır. Amma zindəganlıq mərami deyil. Sən o vədə fəxr edə bilərsən ki, oğlunu camaat yolunda çalışan, vuruşan, özünü odlara, alovlara toxuyan görəsən. Bəs camaat üstündə ölümə gedən oğullara xeyir-dua verib yola salan analardan xəbərin yoxdur?! Odur ki, mən deyəni sən anlamırsan. İndi bilginən ki, mənim kənara çəkilib ağlamağımın səbəbi nədir. Səni ağladan mənəm? Bifayda olmaqdan isə ölüb bir dəfə qurtarmaq məsləhətdir. Kaş sən məni doğunca bir qara daş doğaydın. Daşdan insane yenə bir fayda çata bilər. Mehrixanım. Anan sənə Qurban olsun, rusun dilini bilirsən, kifayətdir. Gedib, oxuyub gəlib gözlərini donluğa tikincə, oturarsan kəndində, əkərsən, biçərsən, pul başından yağış kimi yağar. Nə qədər də camaata mənfəət verəcəksən, ver. Fərhad. Nə qayırım ki, mənim dilimi sən anlamırsan və yüz il də bundan sonra danışım, yenə anlamayacaqsan. Mən nə mənfəət deyirəm, sən nə tövr başa düşürsən. Mən deyirəm ki, camaat qaranlıqdadır, biz gərək gedib oxuyaq, gələk, əlimizə qələm alaq, onlara nicat yollarını göstərək. Nə çarə ki, başa düşmürsən. Ancaq oturub Hacı Səməd ağanın ağzından çıxan sözü təkrar eləyirsən. Mən deyirəm ki, sən Hacı Səmədağa ilə birləşib mənim məşəlimi həmişəlik söndürdün, sən başa düşmürsən! Hacı Səmədağa tək yeyib yatıb, qaynağına keçənlərin zəli kimi qanını soranlar, mənfəəti-camaat nəyə deyirlər, ancaq onu anlamırlar. Onların yanında mənfəət söhbəti danışanda, o saat cibləri yadlarına düşür. Sən də Hacı Səmədağanın övrətisən. Mal sahibinə oxşamasa haramdır. İmdi səndən bir söz soruşacağam, doğrusunu söylə. De görüm buraya sən özün gəlibsən, ya Hacı Səmədağa göndərib? Mehrixanım. Nə danışırsan, ay balam?! Məgər özgələr məni sənin yanına göndərməsələr, mən gəlmərəm? Məgər mən sənin anan deyiləm? Heç bir gəlib soruşmayım ki, ay bala, niyə bikefsən, niyə ağlayırsan? Gəlib soruşanda deyəcəksən ki, məni özgə adam sənin yanına göndərib? Fərhad. Bəli, elə deyəcəyəm! Əlbəttə elə deyəcəyəm. Nə qədər and içəsən inanmayacağam ki, sən mənim anamsan. Yenə deyirəm, sən Hacı Səmədağanın övrətisən. Mənim anam olsaydın, mənim tərəfimi saxlayıb Hacı Səmədağanın xahişi ilə rəftar etməzdin. İmdi get Hacı Səmədağaya deginən xatircəm olsun və xatircəm otursun. Çünki məramına çatdı. Bir az müddətdən sonra sənin cəmi dövlətinə bir tək o malik olacaq. Mehrixanım. Ay Fərhad, nə deyirsən? Vallah əmin özü deyir ki, dahı mən qocalmışam, bundan sonra gərək kənd işlərinə Fərhad baxsın. Fərhad. Xeyr, mən kənd işlərinə baxa bilmərəm. Hacı Səməd ağa rəiyyətin qılçından tutub palaz kimi çırpdırır. Amma mən onu bacarmayacağam. Namaz kişinin atası Allahverdini, sənin atan soyuq qış gecəsi sübhədək ayazda saxlayıb, binəva soyuqdan donub ölüb. Mən onu bacarmayacağam. Hacı Səmədağa rəiyyəti qapıda gəzən dördayaqlılardan seçmir. Amma mən deyirəm ki, Allah heç kəsi bəy ya rəiyyət yaratmayıb. Cəmi insan bir cilddə dünyaya gəlib, hamı qardaşdır. HacıSəmədağa özü istirahətlə əyləşib, rəiyyəti qapıda iki saat saxlayır. Amma mən rəiyyətə əl verib oturdanda, Hacı Səmədağanın xilafirəyi olur. Bəli, bu əqidədə adama Hacı Səmədağa kənd tapşırmaz. İnsafdırmı, rəvadırmı ki, mən adımı bəy qoyub, əl-ayağımı yumşaldım əyləşim, biçarə rəiyyət qışın soyuğunda, yayın istisində əziyyət, məşəqqətlə, əlləri qabar ola-ola işləyib məhsulunu gətirib mənə versin? Nə haqq ilədir bu? Nə ixtiyar ilədir bu? Mən bəyəm, yəni mənim əllərim ağdır, özüm tənbələm, müftəxoram? Rəiyyət borcludur özü ac qala, çörəyinə yavanlıq tapmaya, qazandığının yarısının bidehə verə, qalanını da mənə? Yox, mən bunu qəbul eləmərəm. Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyərlər. Zəli tək rəiyyət bədəninə yapışıb, rəiyyətin qanını sorurlar. Bu sifətlər də Hacı Səməd ağa tək şəxslərin sifətləridir. Otura rahat evinini içində, camaat işləyə, qazana, gətirə, o da müamiləyə verib, hər gecə qırqovulplov yeyə! Dəxi deməyə ki, bu plovun hər düyüsü bir qətrə göz yaşından əmələ gəlmişdir. Mənim əqidəmcə insan gərək öz çörəyini özü qazana, ya elmlə, ya öz qolunun gücü ilə. Amma siz məni müftəxor eləmək istəyirsiniz. Mən də müftəxor olmaq istəmirəm. Müftəxorların camaat içindən çıxmağı məsləhətdir. İmdi get, səni göndərən Hacı Səməd ağanın yanına. Deginən ki, az keçməz, mənim təşvişimi eləməz. Get, ərin gözləyir. Oğul gözünün yaşı sənin ürəyini yandırmaz. Amma Hacı Səməd ağaya gedib bir müjdə versən, səndən razı qalar. Sənə onun razılığı lazımdır. Dur get. (Qolundan tutub qalxızır.) Get əriyin yanına. Səndən təvəqqe edirəm, daha məni danışdırmayasan və mənim dalımca gəzməyəsən. Mehrixanım. Ay oğul, nə qayırırsan? Adam da anasına belə sözlər deyərmi? Fərhad. Get, ərin səndən cavab gözləyir. (Sağ qapıdan ötürüb qayıdır.) Deyirlər ki, atasız adam yetim olmaz, anasız yetim qalar. Bu da ana...Ax! (Iki əli ilə başını tutub yıxılır kürsünün üstünə). Musa (daxil olur). Fərhad! (Gəlir yaxına.) Fərhad, nə olub sənə? Fərhad. M u s a, sənsən? (Əl verir.) Gəl otur görək nə var, nə yox? Musa (əyləşir). Gözlərin niyə qızarıb? Deyəsən ağlayıbsan? Fərhad. Yox, nə olub ağlayam! Ağlamamışam, gözlərim ağrıyır. Onun üçün bir az qızarıb. Musa. Mən uşaq deyiləm. Olan olub, nahaq yerə ağlama. Allah xeyir versin. Bir az keçər, adət elərsən. (Gülür.) Gələn il, Allah qoysa gəlib görərəm, özün kimi də bir göyçək oğlun olub. Səbr etmək yaxşıdır. Mən də dəxi sabah yola düşürəm. Gəldim səninlə xudahafiz eləyim. Fərhad (yerindən sıçrayıb). Musa, gedirsən? Bəs mən, bəs mən? (Ağlayır.) Musa, sən mənə necə deyə biləcəksən ağlama? Mən necə ağlamayım? Sən məni bu qaniçənlərin arasında qoyub hara gedirsən? Bəs bizim arzularımız, adam olub camaata nə növ qulluq etmək tədbirlərimiz? Bunlar hamısı məgər puç oldu? Musa, məni qoyub haraya gedirsən? (Ağlayır.) Musa. Dəli olma, uşaq deyilsən. Mərdanə olginən. Kişi gərək hər müsibətə mərdanəliklə davam eləyə. Sənin tədbirlərin niyə puç olur? Yenə camaat üçün işləyə bilərsən. Yenə mənfəət verə bilərsən, axmaq olma! Fərhad. Hansı elmlə, hansı biliklə işləyəcəyəm? Ac ki, işləmək olmaz! Mən gərək ya Hacı Səmədağanın əlinə baxam, ya gedib polis qulluğuna daxil olam. Bunların hər ikisi də mənə ölümdür! Mən gərək öz zəhmətimlə çörək qazanıb, camaat üçün işləyəm. Mən Hacı Səməd ağa tək camaat qanı sora bilmərəm. Ölümdən savay mənim əlacım yoxdur. Bimənfəət vücudun ölməyi məsləhətdir. Musa. Ölüm söhbəti nədir? Sarsaq fikirləri başından çıxart. Eybi yoxdur, bu il bir tövrlə keçirgilən, Allah qoysa, mən də gəlib kömək edərəm, səni göndərərlər Parisə, Rusiyada oxumaq mümkün olmadı, Firəngistanda olar. Onadək də bəlkə əmin bir tövr yumşaldı. Ancaq sən uşaq olma, bacar öz sözünü yerit. Allah kərimdir! Fərhad. Musa, bu təskinliyi mənə nahaq verirsən. Hacı Səməd ağa bilmirsən nə səbəbə məni Dustaq eləyir. Dərd pul dərdi deyil, onu yumşaltmaq olar, o istəmir ki, mən gedib elm oxuyub gəlim. İstəyir ki, məni həmişəlik özünə tabe eləsin. Məramına da çatıbdır. Mən də ona tabe olmayacağam, özüm bilirəm nə eləyəcəyəm. Musa. Bu işlərin hamısı düzələr. Ancaq yenə deyirəm, özünü mərdanə saxla. Bacar sözünü möhkəm yerit. (Durur ayağa.) Mən də gedirəm, hələ ki, xudahafiz. Axşam üstüdür, dükanlar bağlanar, yoldan ötrü bir az şey-mey alacağam. Hələ ki, xudahafiz! Fərhad (qalxıb Musanın əlindən tutur). İmdi gedirsən, get, Allah yaxşı yol versin! Səndən təvəqqe edirəm, hər vaxt studentlər məclisində oldun, məni yadına salginən. Nə vaxt gedəcəksən? Musa. Sabah sübh saat beşdə. Fərhad. Bəlkə görüşə bilmədik. Səndən bir axır təvəqqem var, ona əməl elə! Musa. Nə işdir. Fərhad. Təvəqqe edirəm, yolda bir gün dayansan. (Cibindən kağızları və əksi çıxarır.) Gedərsən Züleyxa xanımın yanına. Bu mənə yazdığı kağızları da və bu onun əksini də verərsən və deyərsən ki, Fərhad sənin üçün həmişəlik öldü. Mən istəmirəm onun kağızı məndə qalsın. Bəlkə əldən-ələ düşdü. Sən mənim qardaşımsan, bu kağızları sənə verib, səndən təvəqqe edirəm ki, ona yetirəsən və belə deyəsən: Fərhad sənin üçün həmişəlik öldü... Allah onu xoşbəxt eləsin. Musa (şeyləri alıb qoyur cibinə). Baş üstə, verərəm. Hələ ki, xudahafiz. Allah eləsin ki, gələn il gəlim, səni xoşbəxt, məramına çatmış görüm, xudahafiz. (Əl uzadır.) Fərhad (onun boynunu qucaqlayır). Get, qardaş, Allah yaxşı yol versin. (Öpüşürlər.) Musa, sən Allah, məni yaddan çıxartma! Musa. Xatircəm ol. Hər həftə sənə kağızım gələr. Fərhad. Yaz! Yaz! (Musa ilə qapıdan çıxır, sonra qayıdır, kürsü üstə əyləşib dirsəklərini stola dayayıb əlləri başını tutub ağlayır.) Axın, gözlərimin yaşları, seylab eləyin dünyanı. Niyə gərək axmayasınız? Bu halda gərək cəmi dünya mənim üçün gözündən qan töksün. Gərək mənə olan zülmün müqabilində aləm tufana getsin. Yer, göy titrəşsin, göyün quşları, yerin heyvanatı, dəryaların balıqları, hamısı gərək mənim üçün ağlaşalar. Amma, yox!.. Heç kəsin xəbəri yoxdur. Hər kəs öz karındadır. Ancaq bir tək mən əlləri qoltuğunda qalıb, dərdimə dərman axtarıram. Yoxdur dərman eləyən, yoxdur, yox!.. Gəl ey cümlə dərdlərin dərmanı. (Tapança çıxarır.) Bir sən mənim bu halətimdə mənə yoldaşsan. Cəmi dara düşənlər, dərdlərinə dərman axtaranlar gərək səndən kömək istəyələr. Bir yerdə ki, insan mənim kimi puç olub gedəcək, onun dünyada qalmağı heç məsləhət deyil. Qurtarginən məni sən bu bivəfa dünyanın qilü-qalından. (Özünü vurmaq istəyir.) Hacı Səmədağa (daxil olub Fərhadın əlində tapançanı görüb dəstpaçə). Nə qayırırsan, ay sarsaq?! (Onun üstünə yüyürür.) Nə qayırdığındır?! Fərhad diksinib tapançanı tutur hacıya tərəf. Tanança atılır, hacı yıxılıb ölür.Tapança Fərhadın əlindən düşür yerə. Fərhad. Bu nə iş idi mən gördüm? Pərvərdigara, sən şahid olginən ki, mənim bu kişini öldürmək xahişim yox idi. Mən özümü istəyirdim öldürmək. Bu da məni gülləmə düçar oldu. Camaat dolur otağa. Mirzə Qoşunəli.. Bu nə güllə səsi idi? Birinciadam (hacının meyitini görüb). Ba, sənin evin yıxılsın! Bu kişinin taqsırı nə idi ki, öldürdün? İkinciadam. Necə? Kim ölüb? Mirzə Qoşunəli.. Görmürsən, Hacı ağa ölüb. Üçüncü adam. Bah, bah, bah!.. Nə yaman iş olub! A pir olasan, bu kişinin taqsırı nə idi ki, öldürdün? Özünü də bəlaya saldın! Çingiz (daxil olur). Kİmdi mənim dədəmi öldürən? Bu saat gərək onun qarnının cıram! (Onu tuturlar.) Buraxın görüm, nə haqla bu mənim atamı öldürüb? Fərhad (gəlir tapançanı götürür, camaatdan bir nəfəri istəyir tapançanı onun əlindən alsın.) Yaxına gəlmə, əgər mənim kimi canından əl çəkibsənsə... (Çingiz bəyə tərəf.) Əmioğlu! Sən heç qəzəblən- Özünü itirmək mə. Mən sənin atanı, Allah şahiddir ki, öldürmək istəmirdim. Güllə bir ayrı yerə təyin olmuş idi, amma öz yerini dəyişdi. Zəhmət çəkmə! Mən özüm-özümdən sənin atanın qanının alaram. (Tapançanı özünə atır, camaat onu tutur. Fərhad dizi üstə çökür.) Mehrixanım. Bu nə güllə səsi idi? (Fərhadı görür.) Ay bala! Nə olub sənə, oy! (Özünü yıxır oğlunun üstə.) Fərhad (onu kənar edib, əmisinin meytini göstərir). Get ağlamalıya ağla! Mən pis vurmuşam, özümü vurmaq istəyirdim, amma... Mehri xanım oğlu ilə ərinin arasında naçar qalıb, bilmir hansı tərəf getsin. Axırda dizi üstə çöküb ucadan ağlayır. Pərdə * * * Beşinci məclis Vaqe olur Dustaqxananın mərizxanasında. İki taxt qoyulub, birinin üstündə Fərhad, o birinin üstündə bir ayrı Dustaq. Fərhad (başını qalxızır). Bəli, müqəssirəm. Adam öldürmüşəm. Bu da mənim axır günüm. Necə yerləri arzu eləyirdim, haraya gəldim düşdüm? Qazamat küncünə. Allah bilən məsləhət imiş. Görəsən nə gündə, nə saatda mən bədbəxt dünyaya gəlmişəm? Kaş mənim atam mən dünyaya gələndən bir il qabaq öləydi. Bəlkə mən dünyaya gəlməyəydim. Dustaq. Bəy, çox ah-zar eləyirsən, yaxşı deyil, naxoş adamsan, ürəyini qısma, sənə ziyandır. (Kürsünü götürüb gəlib oturur Fərhadın yanında.) Fərhad. Niyə ziyandır? Yəni azar məni öldürər? Mən çox yaxşı bilirəm ki, mənim işim qurtarıb gedib. Öləndə də ölərəm. Mən ölməyi gecə-gündüz arzu edirəm. Dusta q. Yox, bəy, sənin yaran artıq yara deyil. İnşallah, sağalarsan.Ancaq ah-zar azarı uzadar. Fərhad. Nə deyim. Mənim sair yaralarımdan xəbərin yoxdur. Bir mənə de görüm sən ölü kimə deyirsən? Məgər ölü o şəxsdir ki, uzanıb ruhu bədənindən çıxır, aparırlar dəfn edirlər? Məgər sən o adamları görmürsən ki, bazarda, küçədə gəzirlər? Onlar çoxdan dəfn olunublar. Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola. Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan ölü o adamdır ki, həmişə düz-düz gəzib, nə millətə nəfi var, nə camaata! Heç kəs ondan zərrəcə xeyir görmür. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər, düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar. Belə şəxslərə ölü demək olmaz! Dustaq. Bəy, doğru deyirsən, sözlərin də ağlıma batır. Amma sən nahaq yerə özünü bizim kimi adamlara bərabər qoyursan. Aləm bilir ki, sən adam öldürən deyilsən və bu iş də qəfildən olub. Bu işdən sənə heç bir zad olmayacaq. Yaranız da sağalar, özün də Dustaqxanadan çıxarsan. Allaha şükür, elmin də var. Bizim kimi qaranlıqda qalanlara yol göstərərsən. Xanım, buyur! Mehrixanım daxil olur. Fərhad. Kİmdir gələn? Dustaq. Anandır, gəlib. Fərhad. Gəlsin irəli. Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur. Habelə əlini ver əlimə... Ana, səndə heç taqsır yoxdur. Allah səni yoldan çıxardanlara lənət eləsin! Ana, gərək sən də mənim kimi oğlu görə-görə xalq sözünə qulaq asmaya idin. Mehrixanım. Qurbanın olum, mənim ürəyimdəki mənə bəsdir. Bircə de görüm ürəyinin ağrısı necədir? Kəsilibdirmi?.. Fərhad. Çox yaxşıdır, ana. İndi bir saatdan sonra cəmi ağrılarım kəsiləcək. (Başını qoyur yerə.) Mehrixanım. İmdicə Dərgahqulu bəyin yanından gəlirəm. Deyir ki, silistçi ilə də, prokurorla da görüşmüşəm. İşin də, inşallah, yaxşı olacaq. Ancaq deyir, gərək beş yüz manat verəsən, lazım olan yerinə verəm. İndi mən də istəyirəm sabah aparım verim. Deyəsən yuxun gəlir, yatacaqsan, yat. Fərhad. Heç halım özümdə deyil, istəyirəm bir az dincəlim. Mehrixanım durur, kürsünün üstə əyləşir. Dustaq. Xanım, başına dönüm, sən belə işlərə düşməyibsən, amma mənim üçün bu Dustaqxana evim kimi olub. Dərgahqulu bəyi də çox yaxşı tanıyıram. Sən pulunu ona vermə. Vallah, pulunu da yeyəcək, iş də görməyəcək. Mehrixanım. Niyə? O deyir ki, silistçi ilə, prokurorla, hamısı ilə dostam. Hər cürə təvəqqe eləsəm, elə də olacaq. Dustaq. İninma, başına dönüm, heç inanma. Vallah, nə silistçi, nə prokuror rüşvət almaz. Heç kəsin təvəqqenə görə haqqı nahaq, nahaqqı haqq eləməzlər. Amma Dərgahqulu bəy bunu özünə çörək pulu qayırıb. Belə adamlarla dostluq eləyir, gedir evlərinə, öz evlərinə qonaq çağırır. Xalqın da ağlı gözündədir. Elə bilirlər ki, bu hər nə istəsə elər, gedib özlərini salırlar onun çənginə. Evi yıxılmış Dərgahqulu bəy divan qulluqçularının adına belə pulları alıb yeyir, iş də öz qərarı ilə gedir. Adına aldanıb ona pul vermə. Pulun gedər. Mənim özümün də bir yüz manatımı alıb içəri saldı, dedi, səni zaminə verdirəcəyəm. Verdirə bilmədi. Özüm də budur ki görürsən, Dustaqxanadayam. Sonra qardaşım getdi pulları geri istədi, onu da nökərlərinə döydürüb qovdu. Aman günüdür, ondan uzaq qaç, uzaq, uzaq. Mehrixanım. Bəs mən necə eləyim? Dustaq. Xatircəm ol, otur evinin içində. Allah qoysa oğluna heç zad olmaz. Mən hərçənd bir avam adamam, amma yaxşı bilirəm, oğluna əgər bircə gün də tənbeh kəsilsə, mən əlimi kəsərəm. Mehrixanım. Nə deyim, Allah ağzından eşitsin. Gün düşür, Fərhad bəy başını qovzayır. Fərhad. Qardaş. Dustaq. Bəli? Fərhad. Deyəsən otağa gün düşüb? Dustaq. Bəli, düşüb. Fərhad. İmdi cəmi dünyanı gün rövşən eləyibdirmi? Dustaq. Əlbəttə. Fərhad. Bəs niyə bu gün insanın qara qəlbinə düşüb işıqlandırmır? Niyə gərək əba-qəba altında gizlənən, məkr və hiylə ilə dolu qəlblərə düşmür ki, camaat görüb onların zahirlərinə adlanmayalar. Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızıl güldür, amma batinində onun tikanlarıdırlar. Bu yerlərə gərək gün düşə ki, qoyun qurdla otlaya, insan rahat baş saxlaya. Bir de görüm niyə düşmür? Sən Allah de, ürəyim dağıldı. Cavab ver, ox, çatladım!.. Mehrixanım. Qurbanım olum, nə qayırırsan? Fərhad. Bircə özünü mənə yetir, ölürəm... Ürəyim dağılır... Ox... ox... ox (Taxtdan düşür yerə.) Ay, ürəyim dağıldı. Bircə başımı tut!.. Dustaq durub qolundan yapışır, Mehrixanım Fərhadın başını alır dizinin üstə. Fərhad. Ölürəm, ana sinəm sızıldayır, ürəyim sancır... Ay öldüm... Bircə əlini ürəyimə qoy. Allah! Şahid ol!.. Pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə!.. (Ölür.) Mehrixanım (qışqırır). Oy!.. Oy!.. Oy!.. Ay Allahı sevən, balam öldü!.. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-bextsiz-cavan İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.