Çox gözəl Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Çox gözəl Üç şəkildə Əşxas KəbləRəcəbəli – kəndli Pəricahan – arvadı Əmiraslan – oğlu Simon Əhməd }Əmiraslanın məktəb yoldaşları Zeynal MirzəHeydər – şəhər məktəbinin müəllimi Kəndməktəbimüəllimi Simonunatası Qocakəndli Cavankəndli Məktəb uşaqları, kəndlilər * * * Birinci şəkil Şəhərin yavuqluğunda, dəniz kənarında bir kənd. Kənd meydançası. Bir dəstə məktəb şagirdləri şeypur, baraban çalaraq, qabaqlarında müəllim, gəlib meydançada dayanırlar. Qocakəndli (müəllimin yanına gələrək). Yoldaş müəllim, bu gün bayramdır, nədir? Bu uşaqları səyahətə çıxarıbsınız? Müəllim. Yox, bayram deyil. Bu gün şəhərdən bir dəstə məktəb uşaqları buraya gəzməyə gələcəklər. Bizim uşaqlar da onların istiqbalına çıxıblar. Qocakəndli. Yaxşı işdir gəlsinlər bizim kəndə də bələd olsunlar, görsünlər biz necə yaşayırıq. Müəllim. Əlbəttə, həmişə kəndlə şəhərin arasında rabitə vacibdir. Nə qədər olsa, iş bilənlərin çoxusu: alimlər, incinerlər hamısı şəhərdə yaşayırlar. Onların da düşəndə bir kəndə gəlib kənd əhalisi ilə danışıb, onlara bilmədiklərini öyrətmək, elmin, sənayenin Şura ölkələrində nə dərəcədə tərəqqi etməsini andırmaq lazımdır. Qocakəndli. Doğrudur, yoldaş müəllim. Bundan qabaq kəndlilər hamısı kor kimi idilər. Şura hökuməti gələndən bəri bir çox bilmədiyimiz şeyləri öyrənmişik. Bu kənddə az adamın atı, ulağı olardı. Hamımız şəhərə getmək lazım olanda piyada gedirdik. İndi isə dəmir yolu qapımızın ağzına çəkilibdir. Avtomobillər kəndlə şəhərin arasında işləyirlər. Bu saat da kənddə elə adam var ki, saqqalı ağarıb, amma şəhəri görməyib. İndi uşağın da, böyüyün də bir ayağı şəhərdədir. Gedirik, gəlirik, hər şeyi görürük, öyrənirik, gözümüz açılır. Çox yaxşı zəmanədir zəmanəmiz. Müəllim. Şəhərin dövlətlilərinin hər birisinin burada yaylaq mənzili var idi. Milyonları boş-boşuna yelə verirdilər. Amma bu kəndə nəinki dəmir yolu, bir rahat araba yolu da qayıtdırmırdılar. Şura hökuməti gələn kimi şəhərlərlə kəndlər arasında yolların düzgünlüyünə diqqət yetirdi. Odur ki, bu kəndə hətta dəmir yolu da çəkildi. Qocakəndli. A sənə Qurban olum, dövlətlilərin hər birisinin özünün faytonu, avtomobili var idi. Hər biri öz canının rahətliyini axtarırdı. Kəndlinin qeydinə qalan yox idi. Deyirdilər: “Kəndlinin baldırı bərkdi, canı çıxar, piyada gedə bilər. Bir də, kəndlidir otursun yerində, əkinbiçininə, bağına-bostanına məşğul olsun. Onun şəhərdə nə işi var?”. Müəllim. Elədir, dayı. Üç-dörd nəfər kənd uşaqlarından: “Ada, qoymayın ha!.. Ada, qoymayın ha!” – deyə qışqıraraq gəlib səhnədən yüyürərək keçirlər. Bir neçə cavan kəndli onların dalınca səhnəyə daxil olub dayanır və iki əlini belinə qoymuş qəhqəhə ilə gülür. Cavankəndli. Ha, ha, ha, ha!.. Ha, ha, ha, ha!.. Ora bax, ora!.. Pa atayın evinəcən!.. Zalım oğlunun satdığı parovoz kimi qaçır. Ha, ha, ha, ha!.. (Gülür.) Müəllim. A Mirzəbala, nə olub? Niyə gülürsən? Cavankəndli (barmağı ilə uzağı göstərir). Bir baxın, yoldaş müəllim. Uşaqlar itin quyruğuna vedrə bağlayıb qovurlar. İt belə qaçır ki, dalından güllə atsan çatmaz. Müəllim. Bu məgər gülməli işdir? Uşaqlarımızın tərbiyəsizliyinə ağlamaq lazımdır. Cavankəndli. Nə olar ki, ay yoldaş müəllim, qoy uşaqlar bir az kef görsünlər. Müəllim (məktəb uşaqlarının ikisini çağırır). Yüyürün o iti uşaqların əlindən alın. (Uşaqlar yüyürərək gedirlər. Cavan kəndliyə) Bilirsən, Mirzəbala, adını insan qoyan gərək heç bir heyvana əziyyət verməsin. Heyvanın da bizim kimi canı ağrıyır. Ancaq dillənib şikayət eləməyi bacarmır. Söz qarşısında söz gətirə bilməyənlərə, zor qarşısında zoru olmayanlara, dərdlərini, ağrılarını deməyə dilləri olmayanlara əziyyət vermək insanlıq sifətindən uzaqdır. Uşaqlarınıza nəsihət edin, belə nalayiq hərəkətlərdən əl götürsünlər. İtə, pişiyə və sair heyvanata əziyyət eləməsinlər. Cavanlar bizim köməkçilərimiz, bizim qeydlərimizi çəkənlərdir. Qocakəndli. Yoldaş müəllim doğru deyir. Bizim canımız ağrıyan kimi, heyvanın da canı var. Cavankəndli. Bağışla, yoldaş müəllim, anlamamışam. (Gedir. Məktəb uşaqları qayıdırlar.) Uşaq. Yoldaş müəllim, itin quyruğundan vedrəni açdıq, buraxdıq getdi. İstədilər bizi döysünlər, qaçdıq. Müəllim. Çox yaxşı, di gedin yerinizə. Uşaqlar gedib yerlərində dayanırlar. Şeypur, baraban səsi eşidilir. Mü əllim (şagirdlərə). Nizam! Uşaqlar düzülürlər. Bir dəstə məktəb uşağı, qabaqlarında müəllim Mirzə Heydər, daxil olurlar. İki dəstə bir-birinə qarışırlar. Müəllimlər görüşüb əl tutuşurlar. Mirzə Heydər. Necəsiniz? Çoxdan görüşmürük. Heç şəhərə gəlmirsiniz. Müəllim. Məgər tərpənməyə macal var? Gündüz uşaqlarla məşğulam, axşamlar da böyüklərə dərs verirəm. Istirahət günlərində də evdə oturub balalarımı başıma yığıb onlarla vaxt keçirirəm. Yainki camaat yığıncağında oturub keçmişdən, gələcəkdən, daxili və xarici vəziyyətdən söhbət edirik. Daha şəhərə gəlməyə macal qalmır. Mirzə Heydər. Uşaqlar üçün yer hazırdır? Müəllim. Əlbəttə, uşaqlar üçün məktəbin həyətində çay və yeyinti hazır edilibdir. Gecəni də məktəbdə qalacaqlar. Siz də mənim mənzilimdə rahat olarsınız. Əm iraslan (Mirzə Heydərin yanına gəlir). Yoldaş müəllim, siz də, mənim yoldaşım Simon da bizim evdə mənzil edəcəksiniz. Müəllim. Yox, müəllimin söhbəti müəllimlə tutar. Sizin evdə o, sıxıntı çəkər. Sən öz yoldaşını qonaq apar. Mirzə Heydər də mənimlə qalsın. Əmiraslan. Yoldaş müəllim, xahiş edirəm mane olmayasınız. Atam mənə neçə dəfə tapşırıbdır ki, kəndə gələndə müəllimi də qonaq gətirim. İndi müəllim bizə qonaq getməsə mən atamın üzünə baxa bilməyəcəyəm. Atam da deyəcəkdir ki, müəllim elm oxumuş adamdır, kasıbları bəyənmir. Mirzə Heydər (kənd müəlliminə). Doğrusu, bu söz məni tutdu. Mən şagirdimə qonaq gedəcəyəm. Müəllim. Eybi yoxdur, mən də razıyam. (Üzünü uşaqlara döndərib komanda verir.) Nizam! (Uşaqlar düzəlirlər.) Sağa dön! (Uşaqlar dönürlər.) Addımla marş! Uşaqlar gedirlər, müəllimlər də onların arxasınca. Pərdə * * * İkinci şəkil Kəblə Rəcəbəlinin evində bir otaq. Otağa fərş döşənmiş, bir masa, üç sandalya. Sol tərəfdə bir çarpayı qoyulmuş. Kəblə Rəcəbəli qabağında canamaz, dizləri üstündə çökmüş, namazını qurtarır. Kəblə Rəcəbəli. Əssəlamü əleyna və əla ibadüllahül salihin, əssəlamü əleyküm və rəhmətüllahü və bərəkatü. (Salavat çevirib, durub canamazı büküb bir kənara qoyur. Əmiraslan, Mirzə Heydər və yoldaşı Simonla daxil olur. Kəblə Rəcəbəli onları görüb) Paho, ay oğul, haradan gəldin? Əmiraslan. Ata, məktəb yoldaşlarımızla buraya iki günə səyahətə gəlmişik. Yoldaşlarımıza kənd məktəbində yer verdilər. Mən də müəllimlə bu yoldaşımı evimizə qonaq gətirdim. Kəblə Rəcəbəli. Xoş gəliblər. (Hər ikisinə əl verir.) Xoş gəliblər. (Müəllimə) Siz bunun müəllimisiniz? Çox gözəl. İsminiz nədir? Mirzə Heydər. İsmim Heydərdir. Kəblə Rəcəbəli. Mirzə Heydər. Çox gözəl. (Oğluna Simonu göstərir.) Bu da sənin yoldaşındır? Çox gözəl! Əmiraslan. Bəli, bununla ikimiz bir skamyada otururuq. Oynayanda da bir yerdə oynayırıq. Bir-birimizi də çox sevirik. Kəblə Rəcəbəli. Çox gözəl! Çox gözəl! Di əyləşin. Çörəyimiz hazırdır, yəqin acsınız... Mirzə Heydər. Çox razıyam, kəbləyi, kənd məktəbində bizim gəlməyimiz məlum olduğundan, bizim üçün yemək hazır olunmuşdu. Mən də, uşaqlar da doyunca yemişik. Bu saat iştahamız yoxdur. Kəblə Rəcəbəli. Çox gözəl. Axşam üçün tədarük görərik. (Oğluna) Bəs bu yoldaşın kimlərdəndir? Əmiraslan. Bunun atası bir yaxşı kişidir. Tez-tez bunlara qonaq gedirəm. Anası çox dadlı şeylər bişirir. Adı Simondur. Kəblə Rəcəbəli. Simon?! (Qeyzli) Çox gözəl, çox gözəl! Əstəğfürullahu rəbbi və ətubö ileyh. (Cəld gedib yuyunacaqda əllərini sabunla yuyub, suya çəkir.) Kafir oğlu, bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım. Əmiraslan. Ata, bunun əlinə nə olmuş ki? Bunun əlləri mənim əllərimdən də təmizdir. Biz məktəbdə gündə dörd-beş dəfə əllərimizi sabunla yuyuruq. Kəblə Rəcəbəli. Əlləri təmizdir! İndi görürəm sizə nə tərbiyə verirlər. Çox gözəl, çox gözəl! Mirzə Heydər. Kərbəlayı, bu sözlərin axırı bir qədər biz müəllimlərə toxundu. Kəblə Rəcəbəli. Bəli! Nabaliğ uşaq öz təklifini anlamaz. Onu anlatmaq lazımdır. Bu da müəllimlərin borcudur. Uşağa birinci lazım olan onun əhkami-şəriyyəsidir. Bundan da görürəm mənim oğlumun kökündən xəbəri yoxdur. Mən bilsəydim, onu evimdən kənara qoymazdım. Əgər uşaqların hamısına belə tərbiyə verirsinizsə, mərhəba, çox gözəl, çox gözəl! Mirzə Heydər. Kəbləyi, uşaqlar getsinlər, sonra bu xüsusda söhbət edərik. (Əmiraslana) Yoldaşlarınız dənizə çimməyə getdilər, sən də yoldaşını götür get. Mən də siz gəlincə burada atanla söhbət edim. Əmiraslan (yoldaşına). Simon, gedək! Simon. Gedək. Hər ikisi gedirlər. Mirzə Heydər. Kəbləyi, uşaqlar getdilər. İndi biz rahat söhbət edə bilərik. Buyurun görək, bizim tərbiyə verməmizdə siz nə qüsur görürsünüz? Kəblə Rəcəbəli. Tərbiyəniz başdan-başa qüsurdur. Siz bunlara dərsləri nə dildə verirsiniz? Mirzə Heydər. Bizim məktəbimiz beynəlmiləldir, amma biz dərsi hər millətə öz ana dilində veririk. Türklərə türk dilində, ruslara rus dilində, ermənilərə, həmçinin, öz ana dillərində. Kəblə Rəcəbəli. Beynəlmiləl nə deməkdir? Mirzə Heydər. Yəni bu məktəbdə hər millətin balaları var. Hamısı birlikdə dərs oxuyurlar. Kəblə Rəcəbəli. İndi mən hər işi anladım. Çox gözəl! Çox gözəl! Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini. Siz mənim oğlumu öz əhkami-şəriyyəsindən, dini məsələlərdən uzaqlaşdıranda o da, əlbəttə, bir xarici balasının əllərinə təmiz deyəcək. Çox gözəl, çox gözəl! Mirzə Heydər. Kəbləyi, dünyada müsəlman dili, ya xristian dili yoxdur. Millətlərin dilləri var. Sənin oğlun türk balasıdır. Dili də türk dilidir. Bizim məktəbdə nəinki ona, hətta onun xarici dediyin yoldaşlarına da türk dili öyrədirik. Kəblə Rəcəbəli. Mirzə, siz bizim kimi adamlara avam deyirsiniz, nə eybi var? Çox gözəl. İndi mən bir neçə söz deyim, sən də mültəfit ol. Mirzə Heydər. Buyur! Kəblə Rəcəbəli. Mən özüm, rəhmətlik Mirzə Hüseynin mollaxanasında oxumuşam. Bəlkə eşitmiş olasan. Mirzə Heydər. Mən eşitmişəm. Mənim atam da onun mollaxanasında oxuyubdur. Onun dərs verməyini çox tərif edərdi. Kəblə Rəcəbəli. Atan vəfat eləyib, ya sağdır? Mirzə Heydər. Xeyr, sağ deyil. Kəblə Rəcəbəli. Allah rəhmət eləsin. Bəli, mən Mirzə Hüseynin mollaxanasında neçə il dərs oxumuşam. Bizə gözəl Quran oxudardı, namaz öyrədərdi. Səhviyyat, müşkülat, təmzik, hamısını öyrədərdi. “Cameyi Abbas”, “Əvvabül cənnat” kimi ehkam kitablarını oxuyub cəm müsəlmana lazım olan təkliflərdən xəbərdar olurduq. Amma sizin tərbiyəniz tərsinədir. Siz bizim balalarımızı xarici balalarına qarışdırıb, onları gəldikcə müsəlmançılıqdan uzaqlaşdırırsınız. Mən gözümün ağı-qarası olan bir oğlumu belə məktəbdə oxudub cəhənnəmin odunu bu dünyada özümə qəbul etməyəcəyəm. Mirzə Heydər. Kəbləyi, sözünüzü qurtardınız ya yox? Ədib “türk” deyəndə azərbaycanlını nəzərdə tutur Kəblə Rəcəbəli. Bəli, qurtardım. Mirzə Heydər. İndi icazə verin bir neçə kəlmə mən də danışım. Kəblə Rəcəbəli. Buyur danış, çox gözəl! Mirzə Heydər. Kəbləyi, Bakıda 1905-ci ildə vaqe olan ermənitürk qırğını xəyalınızdadırmı? Kəblə Rəcəbəli. Çox gözəl xəyalımdadır, nə olsun? Mirzə Heydər. O qırğın Mirzə Hüseynin tərbiyəsinin nəticəsi idi. Kəblə Rəcəbəli. Əcəb söz dedin! Çox gözəl! Necə, Mirzə Hüseyn deyirdi gedin erməniləri qırın? Mirzə Heydər. Yox, Mirzə Hüseyn demirdi, onun verdiyi tərbiyə deyirdi. Rica edirəm mültəfit olasınız. Kəblə Rəcəbəli. Çox gözəl, buyur. Mirzə Heydər. Siz bunu yəqin edirsinizmi ki, insanlar hamısı anadan bir çifətdə doğulurlar? Kəblə Rəcəbəli. Doğrudur, sonra? Mirzə Heydər. Sonra uşaq keçir mollanın, keşişin ya xaxamın əlinə. Bu şəxslər öz mənfəətlərini mülahizə edib, millət təfavütü məsələsini araya salırlar. Bunlar durub desələr ki, insanlar hamısı qardaşdırlar, o vaxt millətlər əl-ələ verib onların hamısından uzaq qaçarlar və onlar meydanda tək qalıb, cəm mədaxillərindən məhrum olarlar. Siz Simona əl verdikdən sonra gedib əllərinizi suya çəkdiniz. Nə səbəbə? Guya onun əli murdardır. Nə səbəbə onun əli murdardır? O, xaricidir. Molla belə buyurur, keşiş də belə buyurur, xaxam da belə buyurur. Hər birisinin nəzərində o biri millətlər murdardırlar və onlarla mülaqat haramdır. Beləliklə millətlər arasında təfriqə salıb özlərinə mürid cəm edirlər. Əllərindəki silah da ancaq dİndir. Belə təfriqədən burjua hökumətləri isə istifadə edirlər. Hökumətlər ruhanilərin millətlər arasına saldıqları təfriqəni daha da qızışdırıb inqilab və üsyan qarşısını almaq üçün millətləri bir-birlərinə qırdırırlar. Bu səbəbdən erməni-türk qırğını Qafqazda vaqe oldu. Rus keşişlərinin və çar hökumətinin təhriki ilə Rusiyanın neçə şəhərlərində yəhudiləri talan etdilər. İngiltərə hökuməti üç yüz milyon əhalisi olan Hindistan məmləkətini ancaq millətlər arasına təfriqə, nifaq və qırğın salmaqla əlində saxlayır və bu işdə ruhanilər hökumətə sədaqətlə qulluq edirlər. Bu siyasət burjuaziya ölkələrində İndi də yeridilməkdədir. Ancaq bir tək Şuralar İttifaqında hamı millətlərin qardaşlığı, birliyi və əl-ələ verib sosializm yolunda birlikdə işləmələri elan olundu və Şura Ittifaqında millətlər qırğını heç vaxt vaqe ola bilməz. Yol bir, məqsəd bir, əqidə bir olduqda arada nifaq mümkün deyil. Kəblə Rəcəbəli. İndi sənin deməyinlə, mənlən Vartazarın biri qardaşdır? Çox gözəl, çox gözəl! Mirzə Heydər. Burada Vartazar söhbəti yoxdur. Vartazarla sənin aranda divar çəkən həmin ruhanilərdir, din silahı ilə ortalığa çıxıblar. Bu silah onların əlindən alınarsa, səninlə Vartazarın qardaşlığına şəkk qalmaz. Dünyada müharibələrin qət olunmasına və asayişin hər bir yerdə bərpasına millətlər qardaşlığı səbəb olar. Bu şüar Şura hökumətinin ən birinci şüarıdır. Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl! İndi siz mollanı, keşişi kənara qoyub, uşaqlara qardaşlıq dərsi verirsiniz? Aya, xudanəkərdə, mənim oğlumun ayağı büdrəyib yıxılsa, onun sevgili qardaşı onun qolundan yapışıb durğuzarmı? Atamın goru üçün birinci təpik vuran o olar. (Bayırdan səs-küy eşidilir. Kəblə Rəcəbli qapını açıb baxır və birdən qışqırır.) Ax, evim yıxıldı, başıma daş düşdü, gözümün işığı, belimin qıvvəti bircə balam əlimdən getdi. Mirzə Heydər. A kəbləyi, sizə nə oldu? Kəblə Rəcəbəli. Kəbləyinin evi yıxılsın, budur balamın meyitini gətirirlər. Mirzə Heydər. Meyit nədir? Nə danışırsınız? (Çıxır eşiyə.) Pəricahan (içəri otaqdan hövlnak çıxır). Oy, oy!.. Vaxsey!.. Başına daş düşsün, canım? Atayın evi yıxılsın, canım! Ay balam, ay gözəl balam, axır sənə nə oldu? İki nəfər kişi, yanlarında bir neçə məktəb uşağı, Əmiraslanı otağa gətirirlər. Mirzə Heydər (daxil olur). Bacı, qorxmayın, nahaq yerə qışqırıq salmayın. İndi ayılar. Yorğan-döşək hazır eləyin. (Çarpayının üzərindəki yorğanı kənar edib Əmiraslanı uzadırlar.) Pəricahan (məktəb uşaqlarına). Ay oğullar, bircə deyin görüm, mənim balama nə oldu? Məktəbuşağı. Xala, biz hamımız dənizdə çimirdik Əmiraslan da çimirdi. Çİmdiyi yerdə bir dərin yerə düşüb batdı. Biz hamımız əlimizi üzdük. Simon da dənizin kənarında sudan çıxıb özünü günə verirdi. Bunu görən kimi özünü suya atıb yox oldu. Bir də gördük Əmiraslanı başına almış sudan çıxdı. Biz Əmiraslanın qolundan yapışdıq. Simon istədi çıxsın, Əmiraslanın ağırlığından ayağı sürüşüb batdı dənizə. Bir lotkaçı çox çətinliklə onu da çıxartdı. İndi gətirirlər. Əmiraslan (gözlərini açır). Ana, qorxma, ölməmişəm! Simon necə oldu, sağdırmı? Məktəbuşağı. Sağdır, budur gətirirlər. Simonu gətirirlər. Kəblə Rəcəbəli. Gətirin buraya. Arvad, yer sal! Sənə Qurban olum, ay bala! Mənim oğlumu təzədən mənə verdin. Əmiraslan. Mənim çarpayımın üstünə qoyun. Simonu çarpayının o biri başında uzadırlar. Məktəbuşağı (Kəblə Rəcəbəliyə). Əmi, Simon olmasaydı, Əmiraslan əldən getmişdi. Kəblə Rəcəbəli. Əmiraslana da Qurban olum, sənə də, Simona da. Simon (gözlərini açır). Əmiraslan hanı? Əmiraslan. Burdayam, Simon, sən necəsən? S i mo n. Yaxşıyam, heç zad olmaz. Kəblə Rəcəbəli. Hər ikinizə qurban olum! İkiniz də sağalarsınız. Mənim oğlum İndiyədək bir idi, İndi deyərəm iki oğlum var. (Simonun alnından öpür.) Mirzə Heydər. Mən gedim telefonla Simonun atasına xəbər verim. (Kəblə Rəcəbəliyə) Kəbləyi, Şura hökumətinin mən dediyim beynəlmiləl tərbiyəsinin nəticəsi budur! Yoldaş yoldaşını fəlakətdən qurtarmaq yolunda canından keçir. Əgər bunlar molla, keşiş, ya xaxam tərbiyəsi almış olsaydılar, sən deyən kimi bar-birinin ayaqlarından çəkərdilər. İndi mən yəqin edirəm ki, mənim dediyim sözləri dürüst düşündünüz. Kəblə Rəcəbəli. Dürüst düşündüm. Çox gözəl düşündüm. Çox gözəl! Pərdə * * * Üçüncü şəkil Həmin otaq Əmiraslan, Simon, Əhəd, Zeynal. Ze ynal. Əmiraslan, Simon olmasaydı, İndi biz yığılıb başımıza döyüb “yoldaş vay” deyə ağlayırdıq. Əh ə d. Simon yaxşı yoldaşdır. O istəyir ki, ona hər bəla toxunsun, amma yoldaşına heç bir şey olmasın. Əmiraslan. Simon çox sağ olsun, məni təzədən dirildib anama verdi. S imo n. Əmiraslan, bunlar danışırlar qoy danışsınlar, mən ki, bir böyük iş görməmişəm. Ze ynal, Əhməd, Əmiraslan. Bundan böyük nə iş ola bilər! Simon. Mən öz yoldaşlıq borcumu yerinə yetirmişəm. Yoldaş yoldaşının yolunda canından keçməsə, onun qiyməti bir qəpikdir. Əh ə d. Sağ olsun Simon! Zeynal (Simona). Gözəl söz dedin, yoldaşlıqda belə olmaq gərək. Əh ə d. Simon, səndən bir söz soruşum. Necə bilirsən, suya batan sən olsaydın, Əmiraslan canından keçib özünü sənin dalınca suya atardımı? Əmiraslan (Əhədə). Bu nə sualdır? Mənim gözümün qabağında yoldaşım suya batsın, mən də oturub tamaşa eləyim? Əh ə d. Bilirəm, zarafatla soruşdum. S imo n. Bir dəfə mən tramvaydan yıxılmışdım. Ayağım çıxmışdı. Əmiraslan məni məktəbdə görməyib, dərsdən çıxan kimi yanıma yüyürmüşdü. Məni yerdə uzanmış görüb başladı gözlərindən yaş töküb ağlamağa. Mən nə qədər dedim: “Ay Əmiraslan, bir şey olmayıb, ayağım çıxmışdı. Həkim gəldi yerinə saldı” kiridə bilmədim. Axırda atam güclə onu kiritdi. Əmiraslan belə yoldaşdı. Ze ynal. Əhəd zarafatla soruşdu. İş bir tək yoldaşlıqda deyil. İnsan insanı fəlakətdə görəndə borcludur kömək eləsin. Kəblə Rəcəbəli (daxil olur). Ay uşaqlar, yenə də söhbət edirsiniz? (Simona) Bala, necəsən, yaxşısanmı? Simon. Yaxşıyam, əmi, sox sağ olun! Kəblə Rəcəbəli. Bir yerin ağrımadı? Simon. Yox, əmi heç yerim ağrımadı. Qapı döyülür. Kəblə Rəcəbəli. Yəqin gələn Mirzə Heydərdir. (Gedib qapını açır.) Mirzə Heydər (Simonun atası ilə daxil olur). Salaməleykum! (Kəblə Rəcəbliyə) Kəbləyi, tanış olun, Simonun atasıdır. Kəblə Rəcəbəli. Simonun atasıdır? Çox gözəl. (Əl verir.) Çox xoş gəlibsiniz! Mirzə Heydər, sağ ol ki, mənim bu kasıb evimə belə əziz qonaq gətirdin. Simon və Əmiraslan qonağın qabağına yüyürürlər. Əmiraslan. Əmi, Simonun suya batdığını eşidib qorxmadınız ki? Simonunatası. Əlbəttə qorxdum və dedim bir xata olmasaydı, Mirzə Heydər mənə telefon eləməzdi. Kəblə Rəcəbəli. Mirzə Heydər sizi nahaq qorxudub. Ancaq o sizə xəbər verməsəydi, bilmirəm mən harada sizinlə görüşüb tanış olacaqdım. Mənim ayağım şəhərə çox az düşür. Simonunatası. Mən də Əmiraslan kimi bir tərbiyəli balanın atası ilə tanış olmaqdan məmnun oldum. Kəblə Rəcəbəli. Onun tərbiyəli olmağına səbəb mən deyiləm, bax bu Mirzə Heydərdir. Gözəl tərbiyə verir uşaqlara, çox gözəl! Mirzə Heydər. Kəbləyi, deyəsən yavaş-yavaş mən deyənə gəlirsiniz. Kəblə Rəcəbəli. Daha nə deyim?! Kor da bilir ki, balıq şordur. Simonunatası. Mənim bu yerlərə gəldiyim iyirmi beş ildən artıqdır. Əvvəl gələndə qonşular hamısı mənə əyri gözlə baxırdılar. Heç birisi etina eləmirdi. Qab-qazan istəyəndə vermirdilər ki, murder olar. Qab-qazan dursun qıraqda, balta da vermirdilər. Mənim böyük oğlum o vədə altı-yeddi yaşında idi. Hər gün ağlaya-ağlaya üstümə gəlirdi ki, türk uşaqları məni döydülər. Deyirdi, mən də böyüyəndə onları döyəcəyəm. Mən ona nəsihət elərdim, deyərdim: “Onlar anlamırlar. Sən ağıllı uşaq ol, heç kəsə dolaşma”. İndi işlər başqa tərzdədir. Özünüz görürsünüz ki, yoldaşlar arasında millət ayrılığı yoxdur. Hamısı bir-birilə qardaşcasına rəftar edirlər, hətta bir-birlərinin yolunda canlarından da keçirlər. Bu, Şura hökumətinin beynəlmiləl tərbiyəsinin nəticəsidir. Kəblə Rəcəbli. Beynəlmiləl tərbiyənin nə olduğunu Mirzə Heydər mənə dürüst anlatdı. Çox sağ olsun, gözəl tərbiyədir, çox gözəl! Mirzə Heydər. Kəbləyi, burada bu saat iki millət nümayəndəsi var. Biri siz, biri də Simonun atası. İndi mən sizdən bir şey xəbər alım. Belə oturub iki qardaş kimi söhbət etmək yaxşıdır, ya bir-birinizə murdar deyib vuruşmaq? Kəblə Rəcəbəli. Bu bir sual deyil, aydındır ki, dünyada mehribançılıqdan gözəl şey yoxdur. Mirzə Heydər. İndi götürək tamam dünyanı. Dünyada yaşayan millətlərin sayı-hesabı yoxdur. Bu millətlər hamısı bir-birilə qardaş kimi dolansalar yaxşı olar, ya həmişə bir-birinin əleyhinə müharibəyə hazırlaşsalar və hərdən bir də vuruşub milyonlarla xalqın qanını töksələr? Kəb lə Rəcəbəl i. Əlbəttə millətlər qardaşcasına dolansalar, heç müharibə də olmaz. Hər yerdə qurd qoyunla bir yerdə otlar. Simonunatası. Müharibə üçün top-tüfəngə, adam boğan qaza, pulemyota tökülən xərc millətlərin tərəqqiləri və ehtiyacı yolunda sərf olunar. Mirzə Heydər. Bu da bağlıdır İndiki millətçilik tərbiyəsini buraxıb beynəlmiləl tərbiyəyə keçməyə. Nəhayət, kapitalizm ölkələrində tərbiyə ancaq bir milləti o biri millətin əleyhinə qaldırmaqdan, bir sinfi o biri sinfin üzünə durğuzmaqdan, kralların, sərvətdarların istifadəsi üçün millətləri bir-birilə vuruşdurmaqdan ibarətdir. Belə fəlakətlərin önünü almaq və millətlər arasında qardaşlıq yaratmaq üçün uşaqları, onların başını millətçilik mövhumatı ilə dolduranların əlindən alıb beynəlmiləl tərbiyə altına cəlb etməkdir. Bu vəzifəni ancaq Şura tərbiyəsi öhdəsinə almış. Kəb lə Rəcəbəl i. Şura hökuməti öhdəsinə gözəl tərbiyə götürmüş, çox gözəl! Simonunatası. Axırıncı Avropa müharibəsində azından bir milyon adam tələf oldu və bir elə də adam əlil, şikəst olub çörək qazanmaq iqtidarını itirdi. Bunların hamısının ailələri ac və çılpaq qaldılar. Bu nə üçün idi? Ancaq necə ki, Mirzə deyir, sərvətdarların istirahəti üçün və müharibədən sonra alınan yerlərdə, məmləkətlərdə zavodlar, fabriklər bina edib, ticarət açıb yerli əhalini soymaq üçün. Beynəlmiləl tərbiyə belə şeylərə intiha qoya bilər. Mirzə Heydər. Beynəlmiləl tərbiyənin bərpası üçün dünya inqilabı lazımdır. Bu da yəqin olacaq. Biz Avropa burjuaziyasının güngündən nüfuzunu itirməsini və proletariatın gün-gündən qüvvətlənməsini aydın görürük. Kəblə Rəcəbəli. Çox gözəl, çox gözəl! Simonunatası. Söhbətimiz çox şirinləşdi. Çifayda poyezdin yola düşməsinə az qalıbdır. Gərək evə qayıdam. Arvad nigarandır. (Oğluna) Simon, hazırlaş gedək. Kəblə Rəcəbəli. Elə şey yoxdur. Siz mənim əlimə göydən düşübsünüz. Çayımız hazırdır, bir az çay içərik, sonra da bir yerdə şam eləyib doyunca söhbət elərik və gecə də mənə qonaq olacaqsınız. Simonunatası. Mən yenə deyirəm, arvad nigarandır, yoxsa çox həvəslə qalardım. Mirzə Heydər. Mən bu saat gedib telefonla sizin xanıma xəbər verib, onu arxayın elərəm. Kəblə Rəcəbəli. Bu çox gözəl olar, çox gözəl! Simonunatası. Onda bahəm gedək telefona, arvad mənim öz səsimi eşitsə daha da arxayın olar. Mirzə Heydər. Onda buyurun gedək. (Kəblə Rəcəbəliyə) İndi, kəbləyi, fikriniz nədir? Əmiraslanı evdə saxlamaqdı, ya mənimlə yenə şəhərə göndərmək? Kəblə Rəcəbəli. Apar, apar, çox həvəslə verirəm. Mirzə Heydər. Çox gözəl! (Simonun atasına) Buyurun gedək! Kəblə Rəcəbəli. Mən də sizinlə gedirəm. Söhbət edərik, gedib gələrik. Mirzə Heydər. Çox yaxşı olar! Çox gözəl! Gedirlər * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-cox-gozel İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.