Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Dağılan tifaq Faciə dörd məclisdə, beş pərdədə İştirak edənlər N ə cə fbəy – mülkədar Sonaxanım – onun övrəti Süleymanbəy – onun oğlu Səlimbəy }Nəcəf bəyin dostu Aslanbəy } Nəcəf bəyin dostu Həmzəbəy } Nəcəf bəyin dostu Pərixanım – Sona xanımın bacılığı Nazlıxanım – Sona xanımın qonşusu MirzəBayram – şair və mömin şəxs Məşədi Cəfər. – sövdəgər Cavad – Nəcəf bəyin nökəri İmamverdi – dəllək Kərim – onun oğlu Birincicavan İkincicavan Birinciovçu İkinciovçu İsmayıl Əbdül Gəzən uşaqlar * * * Birinci məclis Nəcəf bəyin evində gözəl fərşlərlə döşənmiş bir otaq. Fərşdən əlavə sandal və kürsülər də qoyulub. Nəcəfbəy (tək). Atalar məsəlidir: dünya beş gündür, beşi də qara. Bədbəxt mən o kəsə deyirəm ki, bu beş qara günü ləzzət damaqla keçirib, baş gora aparmaya. Birisi görürsən, sübhdən axşamadək qarışqa kimi çalışır, vuruşur, pul qazanır, amma evi yıxılmış öz qazandığının yeyib, öz zəhmətinin meyvəsindən kamyab olmur. Pulu yığır sandıqlara, üstündə mişovul pişiyi kimi yatır. Yediyi də nədir? Əncir, soğan və pendir. Yurdu itmiş, inək kimi otlayır. İndi ondan bir xəbər alan gərək ki, ay evin yıxılsın, bu pulları kimdən ötrü yığıbsan? Əgər özün üçün yığıbsan, boğazın tikilsin, niyə yemirsən? Əgər oğul-uşaq üçün yığıbsan, bil, axmaq, əbəs işdir ki, görübsən, çünki ata malı oğuluşaq üçün bilmərrə lazım deyil. Oğlun yaxşısı özü də qazanar, ataya möhtac olmaz. Oğlun pisinə, həmçinin, ata malı lazım deyil, çünki atası başını yerə qoyan tək hamısını aparıb bir az müddətdə xərc eləyib dağıdacaq. Mənim barəmdə, pulun var xərc elə, bağışla, ye, iç, ver kefə, ləzzətə, eyşü-işrətə, beş gün qara dünyanın ləzzətini apar, öləndə də dünyada bir təmənnan qalmasın və beş adam da sənə rəhmət oxusun. Ey an ki, dərin cəhan zi xud bixəbəri, Hər şamü səhər dər tələbi simü zəri. Sərmaeyi-tu dərin cəhan yek kəfənəst, Ura ki, güman nist, bəri ya nəbəri. Doğru deyib şair, çox gözəl deyib, çox gözəl deyib. Xudadan istərdim bu saat bu saat bu sözləri deyən şair mənim yanımda olaydı, onun boynunu qucaqlayıb, dodaqlarından öpəydim. Cavad (daxil olur). Ağa, bəylər təşrif gətiriblər. Nəcəfbə yBuyursunlar, buyursunlar. (Daxil olurlar: Səlim bəy, Aslan bəy və Həmzə bəy.) Baho! Ya Allah! Xoş gəldiniz, beş gəldiniz, bəs niyə əliboş gəldiniz? Səlimbəy (əyləşir, hamı əyləşir). Sən öləsən, çox əlidolu və başı ətli gəlmişəm. Bu saat iki yüz iyirmi beş manat cibimdə pul, kefim də gecələr ulduza hürür. Uduzmaqda da meylim yoxdur. Gəlmişəm görüm səni də bir xoruza yükləyə bilərəmmi. Budur, bir neçə gündür əlim çox yaxşı gətirir. Bu saat Leylacla qumar oynamağa hazıram. Hələ, Nəcəf, mən ölüm, de görüm mənə bir üç yüz manat uduzmaqla aran necədir? Nəcəfbəy. Yavaş ud, boğazında qalar. Yenə kimin qulağını kəsibsən? Ey bu dünyada özündən bixəbər, axşam-səhər qızıl-gümüş axtaran adam. Bu dünyadan sənə maya bir kəfəndir, onu da güman yoxdur ki, aparacaqsan, ya yox Həmzəbəy. Mən evi yıxılmışın, mən oğlu ölmüşün, mən yurdu itmişin, mən küllüyü göyə sovurulmuşun. Belə haramın olsun, burnundan gəlsin, yorğan altında yeyəsən. Səlimbəy. Niyə yeyirəm yorğan altında, vallah oynaqlayaoynaqlaya yeyəcəyəm. Sənin malın ana südündən halaldır. Mal yeməyənin malın yeyərlər. Uşaq aşıq yığan kimi yığınca, ver biz yeyək, Allaha da xoş getsin, bəndəyə də. Aslanbəy (Həmzə bəyə). A kişi, mən sənə neçə dəfə demişəm, yenə deyirəm, gəlsənə saqqalının ağ vaxtında bu qumarı qoyasan yerə? Həmzəbəy. Xub, saqqalın ağlığının qumara nə dəxli var? Aslanbəy. O dəxli var ki, qocalıb ölürsən, bu gün, sabah, Allah qoysa, kəlləni ağardacaqsan, gəlib halvanı yeyəcəyik. Ayağının biri bu dünyada, biri qəbirdədir. Get namaz qıl, ibadət elə, oruc tut, pulun çoxdur, Məkkəyə get. Səlimbəy (Həmzə bəyə). A kişi, sən Allah, gör bir tezliklə ölə bilərsənmi. Könlüm bir yaxşı, ləzzətli qoca halvası istəyir. Həmzəbəy. Qadam, çox kötüklər üstündə çırpılar doğrayıblar. Allah qoysa yenə hamınızı mən yerə quyulayacağam. Bir də, canım, mən qoca deyiləm ki, adımı qoca qoyub məni yaxalayıbsınız. Dünyada qoca, ya cavan nə gəzir? Mənim barəmdə, dünyada nə qoca var, nə cavan. Bir naxoş var, bir səlamət. Saqqalın çox da olsun ağ, canın ki oldu səlamət, oldun cavan. Ya saqqalın oldu qapqara şəvə kimi, elə ki, gecələr sübhədək öhö!.. öhö! öhö!.. (öskürür) atıcı kimi pambıq atdın, oldun qoca. Nəcəfbəy. Özünə təskinlik ver, meyitini görüm, on səkkiz yaşın var. Səlimbəy. Hələ Həmzənin ölümü dursun qıraqda. Nəcəf, mən ölüm, Tirmə sağalıbsa bir ova gedək. Çoxdan getməmişik, könlüm qırqovul əti istəyir. (Həmzə bəyə) Həmzə, heç Nəcəfin Tirməsini görübsənmi? Qəribə tuladır, sənə tula deyirəm, daha bil nədir, bir at əvəzi. Həmzəbəy. Tula özünsən, ağzının sözünü bil. Nəcəfbəy. Səlim, mənim bilmərrə ovdan həvəsim kəsilib. Heç getməyə meylim yoxdur. Qədim əyyam yada düşəndə az qalırsan quşu da vurub öldürəsən, tulalara da iynə verib qırasan. Səlimbəy. Heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü günə. Qədim vaxt murov vədəmdə görürdün ətraf bəyləri cəm olub ov binası qoyurdular. Quş ovu, ya qaban ovu. Axşamdan yüzbaşını çağırıb tapşırırdım, sabah ova gedəcəyəm, gərək hər bir mayəhtac hazır olsun. Yüzbaşı da ki, məsələsinə arifdi. O saat anlayırdı nə demək istəyirəm. Sübh durub görürdüm, mahalın qoçaq atlılarından neçə nəfər hər yaraq-əsbabları ilə hazır, müntəzirdilər. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlalla, brovhabrovla düşürdük yola, guya bir qoşun gedir. Gedib üç günlərlə meşələrdə, dağlarda ov edərdik. Amma İndi... Bir çolaq yabını minirsən, bir quşu şökküdürsən barmağıyın başına, onun da bir gözü kor, bir gözü də məyus. İki axsaq tulanı da salırsan dalına, canım kəhər, gözüm kəhər, düşürsən biyabanın, düzün canına, nədi-nədi, bəy ova çıxıb. İttifaqən qarğadan, quzğundan birisi qalxanda quşu buraxırsan dalınca. Görürsən evi yıxılmışın malı getdi kəndə toyuq üstünə qondu. Toyuq yiyəsi də bir odun yamadı böyründən, canı orada ağzından çıxdı. Ac, susuz, it günündə qayıdırsan evə. Hanı keçən günlər? Hanı murovluq zamanı?! Ax, bir adam olaydı, keçən günləri geri qaytaraydı, cəmi Həmzədən udduğum pulları ona verərdim. Həmzəbəy. Bir də gözündən gəlsin o pullar. Ay Allah sənə ölüm versin, a belə padşah qulluqçusu. Padşahdan alıb yediyin məvacib gözüyün iki deşiyindən gəlsin. Həmişə donluq alıb eyşü-işrətdə dolanıbsansa, yaxşı qulluq edibsən, mərhəba! Səlimbəy. Həmzə bəy, buyur söylə görək, sən nə qayırıbsan? Mirzə Bayram (daxil olur). Salaməleyküm. Nəcəfbə yƏleykəssalam, mirzə. Buyur əyləş. (Mirzə əyləşir.) Əhvali şərif? Mirzə Bayram. Lillahilhəmd, səlamət və ağanın vücuduna peyvəstə duagu varıq. Səlimbəy ( Həmzə bəyə). Bəli, buyur görək, ağa Həmzə bəy sahibqıran! Söylə rəşadətindən, vurduğundan, yıxdığından, hünərindən, pəhləvanlığından. Danış görək sən harada dam yarıb, dana çıxardıbsan, buz yarıb buzov çıxardıbsan? Həmzəbəy. Mən az qulluq etməmişəm. Mən sənin kimi yeyib yatmamışam. Mən padşah uğrunda özümü güllə qabağına verib, dava etmişəm, hünər göstərmişəm, çin və nişanlar almışam. Güllə dolu kimi başımdan yağıb, mən qılınc vurmuşam, zərbi-dəst göstərmişəm. Səlimbəy. Sənin zərbi-dəstinə Qurban olum. Bilirəm sənin hünərinin, davada qolunu ha belə qatlayıbsan (qolunu qısır çiyninə) ki, bəs qolum çolaq olub, tüfəng tuta bilmirəm. Həkim istəyib qolunu kəssin, əlindən tutanda qolunu uzadıbsan həkimin qabağına. Bunu cəmi Varşava davasına gedənlər bilirlər. Mən də bilirəm, mənim nənəm də bilir və cəmi şəhərin uşaqları da bilirlər. Bəylər gülüşürlər. Həmzəbəy. Xub, siz nə dişi pişik kimi hırıldaşırsınız? Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. Səlimbəy, sən mənə çox sataşırsan, təvəqqe edirəm bir də mənimlə belə zarafatları eləməyəsən. Əvvəla, mən səndən yaşda böyüyəm, ikincisi, mən hünər göstərib nişanlar almışam. Sən onu heç vaxt dana bilməzsən. Nəcəfbəy. Həzərat, mən ölüm, zarafatı qoyun yerə, axırda dava salıb bizi də peşman elərsiniz. Çox pis şeydir zarafat, belədirmi, mirzə? Mirzə Bayram. Bəli, bəli, düz buyurursunuz. Əzzərafətü miqrazülməhəbbət. Cavad çay gətirir. Nəcəfbəy. Çaydan-zaddan götürün için, bir az acığınız soyusun. (Bəylər çay götürüb qabaqlarına qoyurlar.) Cavad, o şkafdan çaxır çıxart, buraya gətir. (Cavad çaxırı gətirib verir, Nəcəf bəy tökür çaya.) Mirzə, bağışlaginən, qulluğunda biəbədlik eləyirəm, amma adət eləmişəm, hərçənd pis adətdir, axşam çayını şərabsız içə bilmirəm. Mirzə Bayram. Bəli, əladətü kəttəbiətis-saniyə. Nəcəfbəy. Mirzə, şerin gəldi çatdı, çox yaxşı şeirdir. Artıq xoşuma gəldi, çox sağ olasan. Mirzə Bayram. Ağanın şan-şövkəti, cəlal-dövləti, səxavəti o qədərdir ki, yazmaqla qurtarmaz. O şeir bunların müqabilində bir nalayiq şeydir. Nəcəfbəy. Xeyr, mirzə, çox gözəl şeirdir. Əvəzində gərək sənə yaxşı xələt verəm. Bu saat bir məlfufə yazaram, aparıb verərsən darğaya, sənə bir çuval buğda, bir çuval düyü ölçüb verər, götürüb gələrsən. Mirzə Bayram. Allah oğlunuzu saxlasın. Xudavəndi-aləm öz vəhdətiyyəti hörmətinə sizin kimi bəylərin sayeyi-mərhəmətini biz kəmtərin bəndələrin üstündən kəsməsin. Inşallah! Amma ağadan tə- Zarafat məhəbbətin qayçısıdır Adət ikinci xasiyyət kimidir. vəqqeim budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləsiniz ayaqlarımı yerdən götürsün, həmişə sizə duagu olum. Nəcəfbəy. Xub, o da baş üstə. (Çağırır.) Süleyman! Cavad, Süleyma nı buraya çağır. (Cavad çıxır.) Bu saat Süleyman bəy gələr, deyərəm kağız yazar. Gedərsən kəndə, taxıl da götürərsən, yabı da verərlər. (Süleyman bəy daxil olur gimnaziya libasında, uzun birçək, papaq əyri, damağında papiros.) Süleyman, qadan alım, bir kağız yaz darğa Avanesə, Mirzə Bayram gələn kimi ona bir çuval buğda, bir çuval düyü və kənddəki boz yabını da versin. Süleymanbəy. Niyə, ağa? Buğda, düyü bəs deyilmi? Daha yabı niyə verirsən? Nəcəfbəy. Axmaq-axmaq danışma, nə deyirəm ona qulaq as. Süleyman bəy gedir. Aslanbəy. Nəcəf, mirzə gətirən nə şeirdir? Nəcəfbəy. Heç, bir tərifnamədir yazıb, mənə gətirib. Amma çox yaxşı yazıb, bir gün verərəm oxuyarsan. İndi əvəzində biz də gərək mirzənin xəcalətindən çıxaq. Mirzə Bayram. Xudavəndi-aləm cəlali-cəbəruti hörmətinə sizə dövləti-İbrahimi kəramət eləsin. Səlimbəy. Nəcəf, Allah mirzə demişkən, sənə dövləti- İbrahimi kəramət eləsin. Sən də mənə uduz. Aslanbəy. Nəcəf, axır sənin bu oğlundan heç mənim gözüm su içmir. Çox pis dolanır, pis adamlarla gəzir. Nəcəfbəy. Allah oğul sarıdan məni bədbəxt edibdir. Çox yaxşı oğlan idi. Yaxşı da oxuyurdu. Həmişə də müəllimlər razı idilər. Amma Allah səbəbin evin yıxsın. Tay-tuş oldu pis, İndi də şkoladan istəyirlər çıxarsınlar. Deyirlər oxumur və sair uşaqları da xarab eləyir. Əlacım ona qalıbdır ki, həmişəlik göndərim kəndə. Gedib orada işləsin, bəlkə axırı bir yana çıxa. Yoxsa, şəhərdə qalsa, cahıl-cuhul yoldaşları bilmərrə odunu-ocağını söndürərlər. İndi ki oxumadı, bəlkə mülkədar ola. Aslanbəy. Xeyr, Nəcəf, taqsır sənin özündədir. Uşağa öz vaxtında təlim verməyib, xarab eləyibsən. İndi onu kəndə göndərməyib, Mazandarana göndərsən, yenə ondan adam olmaz. Burada lotu-potu ilə gəzib qumar oynayır, kəndə gedib oğurluq, quldurluq eləyib, yol kəsəcək. Nəcəfbəy. Əzizim, mən nə pis təlim vermişəm, məndə təqsir nədir? Aslanbəy. Səndə təqsir odur ki, uşaq vaxtında fağırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı, İndi üzünə ağ olur, bir sözünə iki cavab verir. Məgər döyməklə uşaq adam olar? Nəcəfbəy. Bəs necə eləyim, əzizim? Uşaqdır, pis iş tutanda gərək döyəsən, yola gələ. Yoxsa mən oturub, qanmaz uşağa təhzibüləxlaq ki oxumayacağam. Aslanbəy. Təhzibül-əxlaq, filan lazım deyil. Sən uşaqla elə bir rəftar elə ki, onun məhəbbəti günbəgün sənə artsın. Sonra bir pis iş görəndə ki, üzünə bir az əyri baxdın, o saat tutduğu işin qəbahətini anlayıb, o işi bir də tutmaz. Səlimbəy. A kişi, mən imanım, döyməkdən deyil. Mal yiyəsinə oxşamasa haramdır. Ot kökünün üstündə bitər. Atası gedən yolu oğlu da gedəcək. Ata qumarbaz oldu, oğul da qumarbaz olar. Ata şürbidir, oğul da şürbi olar. Bir ata ki bikar vaxtında oğlu ilə bir yerdə qumar oynaya, onun oğlu qumarbaz olmayıb, müctəhid ki olmayacaq. Nəcəfbəy. Sən niyə belə səfeh sözləri danışırsan? Mən nə vaxt onunla qumar oynadım? Səlimbəy. Sənətin nə idi, evin yıxılsın? Həmişə qış bikar qalanda oğlunla lopuqdan qumar oynayırdın. Yalan ki deyil. Sən uduzanda pul verirdin, o uduzanda lopuq alırdın. Bəylər gülüşürlər. Nəcəfbəy. Gərək ki, axmaq danışmağı özünə peşə eləyibsən. Süleymanbəy (daxil olur). Mirzə, buyur kağızı. Nəcəfbə yMənə ver, görüm nə tövr yazıbsan. Süleymanbəy. Nə tövr yazmışam, dediyini yazmışam. (Kağızı mirzəyə uzadır.) Nəcəfbə yBoş danışma, kağızı buraya ver görüm. Süleymanbəy (qeyzlə). Al, bu da kağız! Nəcəfbə yA balam, dəli deyilsən, başına at təpməyib, üstümə niyə çağırırsan? (Oxuyur.) Süleymanbəy. Nə qayırım, ay ağa, inanmırsan, guya mən özümdən də buraya bir şey artırmışam. Nəcəfbəy. Di yaxşı, rədd ol, çəkil başımdan. (Süleyman bəy gedir.) Buyur, mirzə, aparıb kənddə verərsən darğaya, necə ki, lazımdır əməl elər. Mirzə Bayram (durub kağızı alır). Xudavəndi-aləm öz izzətü cəlalı hörmətinə sizi və sizin övladınızı yer və göy bəliyyatından hifz eləsin. Mürəxxəs olaq qulluğunuzdan. Xudavəndi-aləm həmişə sizing kisənizi dolu və özünüzü ümid yolu eləsin, inşallah. (Baş əyib çıxır.) Nəcəfbəy. Xoş gəldin, mirzə! Səlimbəy. A kişi, S ü l e y m a nın sözünün qüvvəti, buğdanı, düyünü verdin yerində, molla adamdır, aparsın, yesin. Daha bu atı niyə bağışlayırdın? Nəcəfbəy. Rəhmətlik oğlu, sən mənim xasiyyətimi bilə-bilə nə üçün belə sualı verirsən? Sən özün bilirsən ki, mən heç vədə olanıma yox demərəm. Varlığa nə darlıq və bir də bu kişi bir adamdır ki, bu gün buradadır, sabah bir ayrı adamın qapısında görərsən. Peşəsi qapı-qapı gəzib pul yığmaqdı. Hər yerdə deyəcək ki, Nəcəf bəy mənə bir at peşkəş elədi. El ağzı çuval ağzı. Bir azdan sonra eşidərsən, aləm danışacaqdır ki, Nəcəf bəy Mirzə Bayrama at bağışlayıb. Yabının da adını qoyacaqlar ərəb atı. Bu mənim dünya xeyrim. Elə ki, öldüm, bir sureyi-ərrəhman oxuyub xətm elər mənə, ruhum olar şad, bu da mənim axirət xeyrim, daha nə istəyirsən? Səlimbəy. İnşallah, bir şıllaq da Hatəmi Tainin qəbrinə vuracaqsan. Xub, səbəb nədir ki, mirzəyə gələndə Hatəm olursan, bizə gələndə cibinin ağzını buzov çatısı ilə bağlayırsan? Bir beş-on manat da bizə vermirsən? Barı, heç olmasa uduz, öləndə biz də sənə rəhmət oxuyaq. Mənim duam mirzənin dualarından yaxşı Allaha çatar. Elə bundan tut, mirzənin, budur, saqqalı düşüb qurşağına; amma zürriyyəti yoxdur. Gecə-gündüz Allaha yalvarmaqdan yorulub, namaz qılmaqdan möhür alnında yer eləyib, təsbeh çevirməkdən barmaqlarının başı göyərib. Amma mən, şükür olsun Allaha, namaz tanımıram, oruc tutmuram, bir sürü də uşağım var. Istəyirsən səbəbini biləsən, o da baş üstə. Qulaq ver, ərz eləyim. Mirzə deyəndə, bir pak, müqəddəs, Tanrı bəndəsi adamdır, Allah yanında çox əziz. Elə oturur dua eləmyə, Allah deyir ki, qoy bunun nə qədər ömrü var mənə dua eləsin, mən də qulaq asım. O da İndiyədək dua eləyir, zürriyyət istəyir, Allah da vermir, deyir bəlkə övlad verdim, xatircəm oldu, daha mənə dua eləmədi. Amma elə ki mən, düşəndə, bir dua eləyib Allahdan bir şey istəyirəm, görürsən o saat buyurur: “Verdim, ey mənim bəndəm, amma itil başımdan açıl, bir də sənin üzünü görməyim”. Istədiyimi alıb, otururam yerimdə. Beləliklə, Allahdan bir sürü uşaq almışam. İndi mənə heç olmasa bir-iki yüz manat pul uduz, öləndə bir yol deyim: xudaya, pərvərdigara, sən Nəcəfə behişti-əla qismət elə. O saat ruhun atılsın düşsün cəhənnəmin... mən də cəhənnəmin deyirəm... behiştin orta küçəsinə. Həmzəbəy. Belə ki duan müstəcəb olur, elə dua elə Nəcəfin pulunu ud. Daha niyə yalvar-yapış eləyib binəvanı tovlayırsan? Səlimbəy. O da mümkündür. Mən elə Allaha dua eləyib sənin qulağının dibindən kəsmişəm. Həmzəbəy. Haramın olsun! Səlimbəy. Vallah, ana südü kimi halaldır. Böylə pulla müstəte olub Məkkəyə getmək olur. Xəsis puludur, nə tövr çıxartsaq halaldır: haqla, nahaqla, oğuluqla, quldurluqla... Aslanbəy. Danışmaqdan fayda yoxdur. Qalxın ayağa gedək xeyir işə məşğul olaq, görək başımıza nə iş gəlir. Nəcəfbəy (çağırır). Cavad! (Cavad daxil olur.) Stol, filan hazır olubdurmu? Cavad. Bəli, bəy, çoxdan hazırdır. (Stəkanları yığışdırıb çıxır.) Nəcəfbəy (qalxır). Di buyurun qulluğunuzda olaq. Bəylər hamısı qalxıb o biri otağa tərəf gedirlər. Səlimbəy (çırtıq çalıb oxuyur). Uca barıdan aşaram, Yanıma kəniz qoşaram, Həmzəni mənə versələr, Cibinin pulun udaram, Atma daş, vurma daş, nar giləsi... Nəcəfbəy. A kişi, nə qayırırsan, dəli olmayıbsan? Səlimbəy. Sən öləsən, bu saat kefim belə kökdür, heç bilmirəm dünyada bəy kİmdir, xan kİmdir. Bu saat kefim Mavəraünnəhr havası çalır. (Oynaya-oynaya oxuyur.) Atma daş, vurma daş, nar dənəsiyəm mən... Atamın, anamın bir dənəsiyəm mən. Nəcəfbəy. Ay səni heç ata-ana yurdunda qalmayasan. İndi bu saat, Allah qoysa, kefinə soğan çırtarlar. (Boynundan tutub itələyir o biri otağa. Bəylər hamısı gedirlər. Sövdəgər Məşədi Cəfər daxil olub bəylər gedən otağa sarı gedir). Cavad (Məşədi Cəfərin dalınca daxil olur). Ay məşədi həcəmət, dayan görüm. Məşədi Cəfər.(dayanır). Nə buyurursan? Cavad. Gözünə dərd buyururam, canına da vərəm. Vədə verdiyin necə oldu? Məşədi Cəfər. Qoy bəylər oyunu qurtarsınlar, əgər qalsa, baş üstə, qalmasa, gələrsən dükanda çatar. Cavad. Sən öl, bu Cavad ölsün (əlini qoyur döşünə), gərək düz qırx manat verəsən. Yoxsa bundan sonra qapını üzünə bağlayacağam. Məşədi Cəfər. Qardaş, otuz manatı niyə qırx manat elədin, on manat da artırdın? Bizim şərtimiz budur ki, hər dəfə sənə on manat verim. Cavad. Sən bəylərdən yüz manata müamilə alırsan. Mənim də səndə otuz manatım qalıb, on manat müamilə istəyirəm. Sözün nədir, əzizim? Məşədi Cəfər. Xub, beş manat də sənə müamilə verrəm. Otuz beş manat, bugünkü ilə qırx beş manat. Sabah gəl dükana, nəqd, köz kimi sayım qulluğuna. Cavad. Yaxşı, sən deyən olsun. Bura bax, məşədi, mən ölüm, al bu əlli manatı, gör bəylərin birinə sırıya bilərsənmi, təməssükünü al gətir mənə. Məşədi Cəfər.(pulu alır). Xub, ver görüm, asandır. (Gedir.) Sona xanım (daxil olub xeyli vaxt bəylər gedən qapıya baxır). Yenə qumar... Yazıq mənim canım... Görəcəkli günlərim varmış... Pərdə * * * İkinci məclis Pərdə ahəstə qalxır. Nümayan olur Sona xanımın otağı. Otağın üç qapısı var:bir sağdan, biri soldan və biri müqabildən. Sağ tərəfdə pəncərənin qabağında bir sandalya qoyulub. Sona xanım namazdan fariq olub, dizi üstündə dua eləyir. Sonaxanım (əllərini yuxarı qovzayıb). Əziz Allah, dərgahına qalxızmışam əllərimi. Sənə dua eləyirəm. Səndən kömək istəyirəm. Yoxdur mənim dünyada bir kəsim, savayı sən. Səndən mədəd istəyirəm. Cəmi əlsiz, ayaqsızlara, naəlaclara, zəiflərə, mərizlərə, mən o cümlədən. Mən də fəqirəm, mən də naəlacam, üstümə-başıma baxan həsəd aparır, amma çölüm özgələri yandırır, içərim özümü. Pərvərdigara, məgər sən övrət tayfasını yaradanda heyvan yaradıbsan, insane yaratmayıbsan? Məgər övrət tayfasını dərd, qəm çəkməyə yaradıbsan? Xudaya, nə vaxtadək bizim dilimiz bağlı olacaq? Nə vaxt, görəsən, biz də ürəyimizdəkini açıq deyəcəyik, sözlərimiz ürəyimizdə qalıb dərd, vərəm olmayacaq? Yəni görəsən o günləri görəcəyik ya yox? Övrətsən, dinmə, kişi deyənə bax, öl deyir öl, qal deyir, qal! Qabqazandan başqa heç bir şeyə əl vurma. Vurarlar, səbr elə. Söyərlər, səbr elə. Pərvərdigara, sən adilsən, nə üçün biz övrət tayfasına olan zülmü götürürsən? Malımız kişinin, canımız kişinin, ixtiyarımız kişinin əlində. Ağzımızı açıb söz demək istəyəndə ağzımızın üstündən vururlar ki, övrətsən dinmə. Xudaya, əgər məsləhət belədir, nə üçün bizə dil veribsən, ürək veribsən? Kişi qurşanıb qumara, kəndlər bir-bir əldən gedir. Danışmaq istəyirəm, deyir kəs səsini. Mən də salıram ürəyimə. İndi budur, bu quru nəfəsim qalıb, bir az keçməz gedər, qayıtmaz. Ey yerin, göyün bir pərvərdigarı! Rəhm elə bizə, kömək elə bizə, bəlkə gələcəkdə bizim də sözümüz olsun (Süleyma n bəy o biri otaqdan çıxır. Əynində səyahət paltarı, ayağında uzun çəkmə, gəlib aynanın qabağında durub özünə təravət verir.) Süleyman, qadan alım, yenə haraya gedirsən? (Canamazı yığışdırıb bir ah çəkib oturur.) Süleymanbəy. Heç, anacan, istəyirəm bir atla şəhərdən çölə gəzməyə çıxam. Ürəyim çox darıxır. Sonaxanım. Get, Allah amanında, anan gözlərinə Qurban olsun. Amma, sən Allah, tez qayıt, yoxsa gecələr gec qayıdanda gözümə yuxu getmir. Süleymanbəy. Uşaq ki deyiləm, məni tutub yeməyəcəklər. Niyə gözünə yuxu getmir? Sonaxanım. Qadan alım, bilirəm yeməyəcəklər, amma yenə ana ürəyidir, nazik olur. Süleymanbəy. Yaxşı, tez qayıdaram. Sonaxanım. Get, Qurbanın olum, Allah pənahında ol. Süleyman bəy çıxır. Pərixanım (daxil olur.) Ay Sona, neçə vaxtdır, ha yığışıram bircə səni görməyə gəlim, amma görürsən, iş düşür. (Oturur.) Keçən cümə axşamı, bizim Mərdan bəyin təziyyəsində o qədər ağlamışam, gözümdən bir Kürcən yaş gedib. Oradan gələni yıxılmışam, İndi bir az halım özümə gəlib, qalxmışam. Ayağa duran kimi dedim, gedim görüm Sona necədir, uşaqlar salamatdırlarmı? Sonaxanım. Pəri, heç mənim halımı soruşma. Bax, görürsən, gün-gündən geri gedirəm. Gecələr sübhədək quru öskürək məni boğur, ürəyim qıldan asılır, İndi qırılar, bir saat qırılar deyirəm. Pərixanım. Axır sən niyə hər zadı özünə dərd eləyib, ürəyinə salırsan? Məgər öz canına yazığın gəlmir? Sonaxanım. Necə eləyim, ay Pəri, budur kişi qurşanıb qumara, bir azdan sonra görərsən olub-qalanın hamısını uduzub, qaldı lat-lüt. Uduzduğundan savayı, gələnə bağışlayır, gedənə bağışlayır. Mənim dilim yoxdur ki, qabağında bir söz deyim. Yalvarıram olmur, yapışıram olmur. Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Səni görəndə könlüm açılır, gözlərimə şəfəq gəlir, dərdimi açıb deyirəm, ürəyim bir az yüngülləşir. Sən Allah, Pəri, tez-tez gəl-get mənim yanıma. Yoxsa Dustaq kimi qalmışam dörd divarın arasında, xiffət eləməkdən az qalıb canım çıxsın. Pərixanım. Qadan alım, heç canını üzmə, səbr elə, Allah kərİmdir. Kişinin bəlkə ağlı başına gəldi, qumarı qoydu yerə. Həmişə belə getməz, bir də baxıb görər ki, dahı oynamaq ona layiq deyil, oynasa abrısı gedər, qumarı qoyar yerə. Allah qoysa, yazın axır ayında havalar istilənər, bir yerdə gedərik ziyarətə. Qurba n kəsərik, dua eləyərsən, Allah sənə cansağlığı verər. Ərinə də ağıl verər, şeytan yolunu buraxıb, Allah yoluna qayıdar. Sonaxanım. Vallah, Qurban olduğum Allahın da o qədər səbri var ki, nə həddi var, nə hesabı. Elə insan səbirsiz olar. Dünən gecə də bir yaman vaqiə görmüşəm, Allah məni onun xatasından savışdırsın. Pərixanım. Xeyir olsun, söylə görüm. Sonaxanım. Gördüm bizim həyətdə bir çox böyük və gözəl ağac bitib. Ağacın dörd ətrafı gözəl çəmənlikdir ki, gül gülü çağırır, bülbül bülbülü çağırır. Çəmənin neçə yerindən şirin bulaqlar axır, guya bizim həyət behişt olub. Yorulanlar gəlib ağacın kölgəsində dincəlirlər, bulaqların suyundan içib başlarını, üzlərini yuyub, bulaq və çəmən sahibinə dua edib gedirlər. Bir də gördüm hava tutuldu, bir bərk külək başladı ki, Allah göstərməsin. İldırım çaxdı, göy guruldadı, bir güclü dolu başladı yağmağa. Onda gördüm bir böyük dolu qəflətdən düşdü həmin ağacın təpəsindən. O saat ağacın cəmi qolqanadları qırıldılar, töküldülər yerə. Qaldı ağacın quru kötüyü. O saat gördüyüm çəmən yox oldu, axan bulaqlar həmin dəqiqə qurudu. Bülbüllərin səsləri kəsildi, güllərdən, çiçəklərdən heç bir nişan qalmadı. Oyanmışam, bir saat ağlım başıma gəlməyib. Ondan sonra neçə salavat çevirmişəm, Allaha dua eləmişəm, iki qoyun Qurban demişəm ki, aparım ocaqda kəsim. Amma ürəyim yenə heç toxtamır. Elə bil, məni məngənə arasına qoyub sıxırlar. Pərixanım. Qurbanım olum, qorxmagilən, yaz ağzıdır, adam çox qarışıq-quruşuq yuxular görər. Yaxşı da eləyibsən ki, nəzir və Qurban deyibsən. Bir də, qadan alım, vaqiəni tərsinə yozarlar. Ağac kimi hər tərəfə qol-budaq atacaqsınız. Aləm sizin kölgənizdə dolanacaq. Dolunun vurmağı da vurmamaqdır. Sonaxanım. Yox, Pəri, çoxdan bəri ürəyimə min qara-qura şeylər gəlir. Heç ürəyim bir dəqiqə sakit olmur, başıma pis-pis fikirlər gəlir. Nazlıxanım (daxil olur). Sona xanım, Qurbanın olum, yanına bir təvəqqeə gəlmişəm. Dünən olan olmazımı vermişəm kişiyə aparsın satsın. Kişi də aparıb satıb, yolu yumrulmuş yoldan dönüb Nəcəf bəyin yanına. Nəcəf bəy də pulun hamısını udub, kişini əliboş salıb yola. Qurbanım olum, mənim əlacım olsa, var-yoxumu satmaram. İndi mən nə qayırım? Bir böyük külfət sahibiyəm, özün bilirsən. Olub-qalan hər nə vardı kişi vurub qumara. Dünən gözümün axır tikməcəyini ağlayaağlaya vermişəm aparıb satıb, onu da gətirib Nəcəf bəyə uduzub. Qurbanım olum, Nəcəf bəyə deginən, məni başına çevirsin, balalarıma rəhm eləsin, o pulları qaytarsın. Sonaxanım. Qoy bu saat çağırtdırım, özü ilə danış. (Çağırır.) A Cavad, a Cavad! (Cavad daxil olur.) Cavad, Nəcəfi bir buraya çağır, deginən adam gəlib, səni görmək istəyir. (Cavad gedir, Pəri qalxır.) Sən haraya gedirsən, ay Pəri? Pərixanım. Kişi gəlir, deyirəm keçim o biri otağa. Sonaxanım. Yaxşı, get, indi mən gələrəm sənin yanına. (Nazlı xanıma.) İndi Nəcəf gələr, mənə dediyin sözləri ona de, bəlkə pullarını qaytara verə özünə. Nəcəfbəy. (daxil olur). Kimdir məni çağıran? Sonaxanım. Nazlı xanımdı. Sənin yanına gəlir, gör nə deyir. Nəcəfbəy. Nə deyirsən, bacı? Nazlıxanım. Nəcəf bəy, Qurban ım olum, mənim bu ağarmış başıma rəhm elə. Mənim bir bölük balalarıma rəhm elə. Elə elə ki, mənim bu quru nəfəsim, quru canım həmişə sənə duaçı olsun. Nəcəfbəy. Nə deyirsən, sözünü de görüm. Nazlıxanım. Nəcəf bəy! Ölümüm qabağında olsun, dünən bizim kişi gəlib, burada qumar oynayıbsınız. Olub-qalanını uduzub. Mən bilirəm, taqsır mənim kişimdədir, amma bir qələtdir eləyib. Sənin də mənim körpə uşaqlarıma rəhmin gəlsin. Razı olma ki, bir kişinin nəslidirlər, ac qalsınlar. O pulları qaytarıb verəsən mənə, elə bil bir təsəddüq verirsən. Nəcəfbəy. Bacı! Belə şey olmaz. Qəhrəman bəyin əvvəla pulu yoxdur, nə üçün qumar oynayır? İkincisinə qalan yerdə, puldur, uduzub, istədiyi nədir? Nazlıxanım. O istəmir, Qurbanın olum, mən istəyirəm. Mənim əhvalım sənə hamıdan yaxşı məlumdur. Bilirsən ki, hər nə vardı, hamısı əldən gedib. Dünən yaxamın, ətəyimin qızıllarını söküb vermişəm kişiyə, aparsın satsın. Ancaq eybimiz açılmasın, acından ölməyək, gedib qonum-qonşuya əl açmayaq. İndi, Nəcəf bəy, səni and verirəm o bir Allaha ki, bizim üstümüzdədir, sən də bizim biabırçılığımıza razı olma. Nəcəf bəy Bacı, artıq söz lazım deyil. Bayaq sənə dedim, ərin pulu uduzmayaydı, İndi ki uduzub, qurtarıb çıxıb gedib. Mən pul qaytara bilmərəm. Mən özüm də az uduzmuram. Necə ola bilər ki, gedim uduzduğum pulları istəyim. Nazlıxanım. Başına dönüm, sən dövlətli kimsənəsən, amma mənə bu saat fitrə vacibdir. Nəcəfbəy. Bacı, sözün düzü, məndən sənə pul çatmayacaq. Nazlıxanım. Nəcəf bəy, üstündə Allah var, Allahdan qorx. Mənim uşaqlarımın nəfəsi yetim nəfəsindən bədtərdir. Onların gözlərinin yaşlarını tökmə, rəhm elə. Nəcəfbəy. Üstümdə Allah da var, peyğəmbər də var, onu bilirəm. İstər sənin uşaqlarının gözlərindən yaş tökülməyə, qan tökülə, yenə məndən sənə pul verdi yoxdur. Təvəqqe eləyirəm, zəhmət çəkib, gedib evində oturasan və ərinə də deyəsən ki, pulu yoxdur nə üçün qumar oynayır? Nazlıxanım (Nəcəf bəyin ayaqlarını qucaqlayır). Nəcəf bəy, istəyirsən ayaqlarından öpüm, mənim düzlərdə qoyma. Nəcəfbəy (ayaqlarını çəkib). Qaraçılıq lazım deyil. Mən sənə dedim, aləm yığıla, üç qəpik verməyəcəyəm. Təvəqqe edirəm, mənə əziyyət verməyib gedəsən. Nazlıxanım. Nəcəf bəy? Ahü-naləmdən qorx. Mənim balalarımın göz yaşlarını Allah yerdə qoymaz. Nəcəfbəy. Di çıx eşiyə. İstər nə qədər ömrün var mənə ahünalə elə. Guya sən ahü-nalə eləyəndə mənim küllüyüm göyə sovrulacaq. Çıx eşiyə, əziyyət vermə! Nazlıxanım. Çıxıram. Allah səni evsiz, eşiksiz qoysun. (Çıxır, çöldə söylənir.) Allah! Mənim balalarımı düzdə qoyanın balalarını düzdə qoy! Allah! Məni oda yandıranın üstünə od yağdır! Belə Allah sizin gözlərinizin yaşını çörəyinizə yavanlıq eləsin! Sizi görüm, ağ gün eşidəndə burnunuzun ucu tutulsun! Nəcəfbəy. Cavad! Cavad (daxil olur). Ağa, nə deyirsən? Nəcəfbəy. Çıx o bayquşu sal eşiyə, baş-beynimizi aparmasın. Cavad çıxır. Sonaxanım (yeriyir irəli). Nəcəf, Qurbanın olum, bizi ahü-nalə yiyəsi eləmə, çağır o arvadın ağzını yum. Nəcəfbəy. Rəhmətliyin qızı, sən nə deyirsən? Arvadsan, gedib öz işində olsana. (Yavaşca itələyir.) Sonaxanım (yıxılıb əziyyətlə qalxır). A kişi, Allah məni onda vurubdur ki, ömrümün əvvəlindən İndiyədək sağ can görməyirəm. Sən niyə məni vurursan? (Ahəstə-ahəstə otaqdan çıxır. Nəcəf bəyin haləti gərgin olub, tez-tez var-gəl edib, sonra gəlib özünü kürsünün üstünə yıxıb məbhut olur. Bu halda Dərviş səsi gəlir.) Dərviş (oxuyur). Əzizi-mən, canım ey dust! Əvvəla namixudavəndi- qədim. Yəni bismillahirrəhmanirR əhim! Ey əzizim, bir baxın dünya nə ibrətxanədir! Axırın fikr etməyən aqil deyil, divanədir... Nəcəfbəy (hövlnak qalxıb pəncərəni açır). Ağa D ə r v i ş, ala bu pulu, daha dalını oxuma get. (Qayıdıb əyləşir.) Ayıltdı məni evi yıxılmış. “Axırın fikr etməyən aqil deyil, divanədir”. Amma bundan sonra nə olsun, on iki para kəndin qalıb ikisi, özüm də boğazımadək borcun içində. Kül başına, Nəcəf! Məgər sən qabağına açılan əlləri boş qaytarardın? İndi o qədər ölübsən, ahü-nalə qəbul eləyirsən. Yetim uşaqları çörəksiz qoyursan. Amma nə çarə qılım? Deyim: “Bacı, pulum yoxdur? “. Xeyr, əstəğfürullah, mənim ağzımdan belə söz çıxmaz. Əlacım kəsilir, elə yolla rədd eləyirəm ki, üstümə bəd dua tökülür. Öl, Nəcəf, öl. (Bu halda Süleyman bəy rəngi təğyir tapmış daxil olub, istəyir o biri otağa keçsin.) Nə var, nə olub? Süleyman bəy. Heç, bir şey yoxdur. (Keçir o biri otağa, çöldən dəllək İmamverdinin səsi gəlir.) İmamaverdi.. Buraxın məni içəri girim, mən bəy-filan tanımıram. Mən saqqalımın ağ vaxtında biabır olmuşam. Mən heç vaxt qəbul eləyə bilmərəm ki, bu qoca vaxtımda mənim adım müttəhim olsun. İmamverdi hirsli daxil olur içəri, dalınca oğlu Kərim. Kərim. Hanı o arvad kimi qaçıb gizlənən tülkü? Bircə onu mənə verin, cərcənəyini ayırım. Bəlkə ondan sonra ürəyim soyusun. Mən bacımın rüsvayçılığını yerdə qoysam, gərək başıma papaq geyməyib, ləçək geyəm. Nəcəfbəy. Nə var, nə qilü-qaldır? İmamverdi. Nə olacaq? Mən saqqalımın ağ vaxtında rüsvayialəm olmuşam. Sənin oğlun neçə yoldaşı ilə gəlib mənim qızımı sürütləyə-sürütləyə aparıb dağ-daş arasında gizlədib. Məgər Allah belə zülmü götürər?! Nəcəfbəy. İndi mənim təklifim nədir?! Ağa İmamverdi, hirsini bas, mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr evinə. İmamverdi. Bəy, namus bir bəyzadələrdə deyil, kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar eləyir. Mən öz abrımın qədri-qiymətini bilirəm və qızımın rüsvayçılığınıheç vədə qəbul etmərəm. Nəcəfbəy. Xub, get evinə, qilü-qal lazım deyil, qızın gələr. İmamverdi istəyir söz desin. Kərim yeriyir qabağa. Kərim. And olsun Allaha, o mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb bağırsaqlarını ayaqlarına dolamasam, atamın oğlu deyiləm. Ata, gəl gedək. (Atasının qolundan tutub çəkir çölə.) Nəcəfbəy. S ü l e y m a n! Süleymanbəy (daxil olur). Nə var? Nəcəfbəy. S ü l e y m a n! Axırı bu iş qalmışdı ki, mənim başıma gətirdin? İt-qurd gəlib mənim qapımda hürür. Məgər mən dəlləkməllək tayıyam? A bihəya, heç utanmırsan? A məlun, heç qızarmırsan? Budur sənə buyururam, gərək bu gün İmamverdinin qızı qayıtsın atasının evinə, yoxsa sənin belində qamçını tikə-tikə elərəm. Eşidirsən? Mənim əslim və nəcabətim heç vədə qəbul etməz ki, mənim evimə it-qurd qızı gəlsin. Süleymanbəy. Ağa, sən mənim atamsan və sənə hörmət eləmək mənim borcumdur. Amma bu yerdə mənə heç kəs buyuruq verə bilməz. Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram və bir adama da ixtiyar vermərəm ki, mənə nəsihət eləsin. Nəcəfbəy. Gədə, başına at təpməyib, axmaq-axmaq nə danışırsan! And olsun Allaha, vuraram təpən iki para olar! (Oğluna bir sillə vurur.) Süleymanbəy. Atasan, bu dəfə dinmədim, təvəqqe eləyirəm bir də mənə yaxın gəlməyəsən. Yoxsa bir də vursan əvəzində cavab elərəm. Nəcəfbəy. Eşşək, məlun! Sənin sözün də var ata qabağında danışmağa?! Bu saat itilərsən mənim gözümün qabağından və mənim evimdən gedib harada dolanacaqsan dolan. Mənim qapıma ayağın düşər, səni it ilən çıxardaram. Itil bu saat mənim evimdən! Bundan sonra mənim Süleyman adlı oğlum yoxdur. Çıx bu saat çölə! (Süleyman bəy çıxır) Cavad! (Cavad daxil olur.) Bu saat gədələrdən neçə nəfər götürüb gedərsən qaya başına. İmamverdinin qızını harada gizləyiblərsə tapıb, aparıb tapşırarsan atasına. Di bu saat, dayanma get. (Cavad çıxır, Nəcəf bəy xeyli vaxt mütəfəkkir gəzinir.) Kordu yurdum, kor, kor, kor... (Özünü yıxır kürsünün üstünə.) Pərdə * * * Üçüncü məclis, birinci pərdə Şəhər kənarında bir seyrəngah. Uzaqda uca dağlar görünür. Göy təpənin altından bulaq axır. Süleyman bəy çərkəzi libasında, iki nəfər yoldaşları ilə əllərində samavar, dəsmala bağlı məkulat daxil olub, şeyləri yerə qoyurlar. Süleyman bəy əyləşir yerdə, papağını çıxarıb qoyur yanına və dəsmalı ilə alnının tərini silir. Süleymanbəy. Baho, ay qəribə yorulmuşam. Əvvəlincicavan. Zarafat deyil, şəhərdən buraya gərək əqəllən üç verst olsun. Bir belə yolu gələn əlbəttə yorulacaq. İkincicavan. Mən sizə demədimmi ki, at tutaq, atla gedək gəzməyə? İndi bu yorulmağa dəyərmi? Hələ gəlməyimiz yenə heç, qayıdanda xörək yemiş adamlar bu yoxuşu necə çıxacayıq? Süleymanbəy. A kişi, gəzməyin elə bir ləzzəti piyada getməkdir, atlı gəzmək ləzzət verməz. İkincicavan. Odur ki, palaz kimi sərilibsən yerə də. Süleymanbəy. Sərilməyimin ziyanı yoxdur. İndi çay içərik, yornuğumuz çıxar. Bir də, mən gəzməkdən yorulan deyiləm. Amma budur üç gündür dərə-təpələri it ayağı yemiş kimi gəzirəm. Əvvəlincicavan. Nə düşmüşdü, niyə gəzirdin dərə-təpələri? Süleymanbəy. Aləm bilir ki, mən bildirçinbazam. Çıxmışdım şəhərdən çölə bildirçin tutmağa. Zurnaçılı bağda Qaraqazan oğlu çıxdı qabağıma, çiynində bir xurcun, əlində bir torba, tər tökə-tökə gedir. Soruşdum, a Qaraqazan oğlu, haradan gəlirsən? Dedi ki, bəs filankəs, Almasatanlıdan gəlirəm. Alacaq dalınca getmişdim, bir şey ala bilmədim, budur, piyada qayıdıram. Yolda tor qurub beş-on bildirçin tutdum, budur torbada. Bir az şoraba üçün yerpənək almışam, gedirəm. Soruşdum: a kişi, heç əməlli bildirçinin varmı? Dedi, yox ancaq gecə yarısı Qarğalı çayından keçəndə bir “gəlmə” bildirçin səsi eşitdim. Zalım oğlunun malı altı dəfə vururdu. Bu sözü eşidən kimi Qarğalı çay deyib birbaş getdim. Bir gün axşamadək, gecə də sübhədək gəzib bildirçin axtarmışam. Əvvəlincicavan. Tuta bildin, ya yox? Süleymanbəy. Necə tuta bilmədim, məgər mənim əlimdən bildirçin qurtarar? Gətirib, qəfəsə qoyub asmışam, gecələr ləzzət verir. İndi, budur, ayaqlarım hələ də ağrıyır. (O yana-bu yana göz gəzdirir.) Amma bura da çox basəfa yerdir ha! İkincicavan. Bəli, çox basəfa yerdir. Biz həmişə elə buraya səyahətə gəlirik. Buranın yerindən, havasından əlavə suyu çox içməlidir, buz kimi ürək sərinlədəndir. Süleymanbəy. Onda, mən ölüm, o sudan bir az ver içim, tərif elədin tamahım düşdü. Əvvəlinci cavan dəstmaldan bir stəkan çıxarıb, su ilə doldurub Süleyman bəyə verir. Süleymanbəy (suyu içir). Bəh-bəh, nə gözəl sudur! Xalis abi-kövsərdir! Əvvəlincicavan. Balam, boş-boş danışmaqdan fayda yoxdur. S ü leyman bəy, burada bəy və ya qeyri-bəy gərək olmasın, gərək yoldaşlıq olsun. Biz gedək odundan-zaddan yığaq, sən də samavar hazır elə. Süleymanbəy. Baş üstə, samavar da hazır elərəm, hələ desəniz kabab üçün ət də doğraram. İkincicavan. Çox gözəl, bəs biz odunu nə ilə qıracağıq? Nə səndə bir kəsər var, nə məndə. Gərək heç olmasaydı evdən bir dəhrədən-zaddan gətirəydik. Əvvəlincicavan. Süleyman bəy xəncərini versə, elə onunla qıra bilərik. Süleymanbəy (xəncəri verir). Niyə vermirəm, buyur, ancaq gözlə ağzı daşa dəyməsin. Əvvəlincicavan (xəncəri alır). Xatircəm ol. (Cavanlar gedirlər.) Süleymanbəy (tək). Çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu. (Durub samavarı aparıb suyun altına qoyur.) Su mənə ləzzət verdi. Bir stəkan da içim. (İçir.) Bəh-bəh, ürəyimə yayıldı. Kərim (kolun dalından çıxır). Adamı belə tələyə salarlar, al gəldi! Süleymanbəy. Nə qayırdığındı, a namərd? (Kərim güllə ilə onu vurub qaçır. Süleyman bəy yıxılır.) Ox, ox... Öldürdü məni namərd oğlunun gülləsi, yıxdı atamın evini, tökdü anamın göz yaşını. Cavan ömrüm paymal oldu, ax!.. ax!.. Kül mənim başıma, niyə mən böyüklər sözünə baxmadım, tay-tuşumu tanımadım, öz evimi yıxdım... ox!.. ox!.. Bu halda təpənin dalında gəzən uşaqların oxumaq səsləri gəlir. Uşaqlar (oxuyurlar): Əsmə badi-səba, əsmə, Dəymə tellər o tellərə. Şanə vurmuş o tellərə Dad əlindən, dad əlindən, yar əlindən... Süleymanbəy. Oxuyun, uşaqlar, səsinizə Qurban olum. Ox... Ox... Allahın altında mən də uşaq olub, sizinlə gəzəydim... Uşaqlar (oxuyurlar): Mənim adım sarı laçın, Fələk qoymur qəddim açım, Gəl səni götürüm qaçım, Bizim ellər o ellərə, Şanə vurmuş o tellərə. Dad əlindən, dad əlindən, yar əlindən. Uşaqlardanbiri (təpənin üstündə peyda olub, Süleyman bəyi görür). Vay dədəm vay! Burada bir adam öldürüblər. Odur yıxılıb, qanı da axır!.. Neçə nəfər uşaq təpənin üstünə çıxıb baxırlar. İkinciuşaq. O yolla gedən ovçuları çağıraq gəlsinlər. (Çağırır.) Ay ovçular, ay ovçular!.. Ovçu. Hey, hey! Nə deyirsən? İkinciuşaq. Buraya gəlin, burada bir adam öldürüblər. Əvvəlinciovçu (gəlir). Ölən adam hanı? Əvvəlinciuşaq. Odur ey, orada yıxılıb eşələnir. Əvvəlinciovçu (yoldaşına). A balam, deyəsən tanış adamdır, bir gəl görək. İkinciovçu. Evin yıxılmasın, bu Süleyman bəydi, Nəcəf bəyin oğlu. Vay binəva!.. Görəsən bunu kim vurub? Ağlın nə kəsir, bu, Kərimin işi deyil ki? Əvvəlinciovçu. Necə Kərimin? İkinciovçu. Dəllək İmamverdinin oğlu? Əvvəlinciovçu. Çox ola bilər. Doğrudan da Kərim bunu çox girləyirdi. İkinciovçu. Qardaş, bu sözlər öz aramızda qalsın, nə borcumuzdur, qoy özləri öz qanlılarını axtarsınlar, taparlar yaxşı, tapmazlar, bəlkə Allah qəzəbini eləyə. Sonra bizi də dərə-divana dartarlar ki, bəs siz, Kərimin bunu girlədiyin bilirdiniz, niyə lazım olan yerinə xəbər vermirdiniz? Di yeri gedək irəli, yazıq eşələnə-eşələnə qalıb. Yeriyirlər qabağa. Əvvəlinciovçu. Süleyman bəy, başına dönüm, sənsən? Süleymanbəy. Kimsən, a danışan? Yoxsa mənim axırımı eləməyə gəlibsən? Əvvəlinciovçu. Yox, başına dönüm, biz ovçuyuq, səni yaxşı tanıyırıq, hərçənd sən bizi tanımırsan. Süleymanbəy. Ovçusan, hər kimsən, öldür məni əziyyətdən qurtar. İkinciovçu. Süleyman bəy, biz sənə düşmən deyilik, dostluqla sənə kömək eləməyə gəlmişik, səni qoymayaq bu quru yerdə qalasan. Sən bizdən heç bədgüman olma. (Əyləşir başının üstündə.) Bircə başını qalxız qoy dizimin üstünə. (Süleyman bəy ovçunun köməyi ilə başını qovzayıb qoyur onun dizinin üstünə.) Qadan alım, bir de görüm bu nə işdir, səni kim vurub? Süleymanbəy. Soruşma... soruşma... soruşma... Taqsır özümdədir, dostumu tanımadım, düşmənimi tanımadım, axırda bada getdim. Məni tovlayıb gətirdilər buraya gəzməyə. Başa düşmədim, gəldim, özümə dost bildim. Burada mənim xəncərimi odun qırmaq bəhanəsi ilə alıb qaçdılar. Düşmən gəldi, asanlıqla bildiyini elədi. Ox... ox... Evi yıxılan atam vay!.. Əvvəlinciovçu. Süleyman bəy, səni tovlayıb gətirən kim oldu, kim vurdu səni? Süleymanbəy. Məni tovlayan çörəkçi Qulunun uşaqları oldular... Budur, iki ildir mənimlə dostluq binası qoyublar. Mənə bir üz göstərirdilər ki, dedim bunlar mənim yolumda canlarından da keçərlər. Axırda məni bu hala saldılar, verdilər Kərimin əlinə, o da məni öldürdü. Qardaşlar, Allah sizdən razı olsun, gəldiniz mədəd əlinizi mənə yetirdiniz. Mənim sizə vəsiyyətim budur ki, dediyim sözləri atama yetirəsiniz, ta mənim qanım yerdə qalmasın. Bir də mənim atama deyərsiniz ki, məni halal eləsin. Mən onun üçün pis oğul olmuşam, sözünün qabağında söz demişəm. Uşaq olmuşam, qanmamışam, məni bağışlasın... Ox... ox... Qardaş!.. İkinciovçu. Nə buyurursan? Süleymanbəy. Ürəyim yanır, ölənlərinin ehsanı olsun, o sudan bir az ver içim. Əvvəlinciovçu. Su istəyirsə, vermə, yoxsa bu saat tamam olar. İkinciovçu. İçmə, başına dönüm, güllə dəyənə su zərərdir. Süleymanbəy. Mənimki zərərdən keçib, görürsən, can yığılıb boğazıma, beş dəqiqədən sonra çıxar. Sən Allah, bir az su ver. İkinciovçu. Balam, o sudan bir stəkan gətir ver buna, əlac yoxdur. Əvvəlinci ovçu gedib suyu gətirir. İkinci ovçu Süleyman bəyin başını qalxızır. Əvvəlinciovçu. Bəy, buyur iç. Süleymanbəy (içir). Oxay, ürəyimə yayıldı. Aparma suyu... Bir az da ver... Oy!.. oy! İkinciovçu. Nə var, başına dönüm? Süleyman bəy. Oy... oy... öldüm... ana, gəl... Su... su... su... (Ölür.) İkinciovçu. Yazıq, dünyadan kam almamış fəqir! Allah sənə rəhmət eləsin. Əvvəlinciovçu. Allah rəhmət eləsin, İndi biz nə eləyək? İkinciovçu. Nə eləyəcəyik, mən qalım burada meyitin yanında, sən get evlərinə xəbər elə, gəlib aparsınlar. Əvvəlinciovçu. Yaxşı, mən gedim. (Gedir.) Pərdə * * * Üçüncü məclis, ikinci pərdə Birinci məclisin otağı. Nəcəf bəy gəzinir. Cavad daxil olub, bir məktub verib çıxır. Nəcəfbəy (məktubu oxuyur). Bəradərim Nəcəf! Kağız yazıb Cavadnan göndərmişdin, gəldi vüsul oldu, oxuyub məzmunundan xəbərdar oldum. Yazıb, xahiş etdiyin iki yüz manat mümkün olmadı. Çünki and olsun sənin canına... (Dalısını oxumayıb, cırır atır.) Cavad! Cavad! (Cavad daxil olur.) Çıx bir tezcə məşədini geri qaytar. (Cavad çıxır.) Bu da Aslan bəy, mənim əziz dostum. Məlunlar, müftəxor məlunlar. Nə qədər mənim pulum var idi, mənə möhtac idilər, mənim başıma dolanıb, “qardaşım, əzizim” deyirdilər. İndi mənə pul lazım olanda özlərini çəkib dağın başına qoyurlar. Məluna dünən kənddən iki min manat gəlib, iki yüz manat mənə borc vermək istəmir. Qorxur batsın. Amma özü mənim çörəyimdən əlavə, iki min manatdan artıq peşkəşimi yeyib. (Məşədi Cəfər. daxil olur.) Məşədi, gəl əyləş. (Məşədi əyləşir yerdə, Nəcəf bəy kürsünün üstündə.) Məşədi, axı bu yaxşı iş deyil ki, sən görürsən. Məgər sənin pulun məndə batacaqdır? Nə vaxt sənin məndə iki quruşun batıbdır ki, yenə batsın? Sən mənə minmin pul borc veribsən. İndi iki yüz manat nə artıq puldur ki, ona məndən girov istəyirsən? Məşədi Cəfər. Bəy, bağışla, qulluğunda axmaq-axmaq boşboğazlıq eləyirəm. Bayaq də sənə ərz elədim, əvvəla, görürsən mən qocalmışam, bu gün, ya sabah başımı qoyacağam yerə. Məndən sonra bir bölük yetim-yesir qalacaq. Onların əlləri gərək bir şeyə bənd olsun, ya yox? Bir də, Qurbanın olum, qəzəbin tutmasın, ruzigar elə dönübdür ki, qardaş-qardaşa etibar eləyib girovsuz bir qəpik borc verməyir. Nəcəfbəy. Yaxşı, dayan, məndə ki sənin pulun batmayacaq, bu saat girovu də gətirib verərəm. (Gedir.) Məşədi Cəfər.(tək). Mən ölüm bir buna bax! Bu ya özü axmaqdır, ya məni axmaq ələ salıb. Deyir, keçən vaxt min manatlarla borc verirdin, ha... ha... ha... Min manat da verirdim, iki min də, beş min də. Çünki verdiyim pulu da müamiləsi ilə alırdım, düşəndə bir at da bəndləyirdim. Amma İndi vermirəm, çünki görürəm elə günə düşübsən ki, az qalırsan it yeyən çörəyin də parasını itin ağzından alıb yeyəsən. Başına kül, Cəfər, hər belə yerə girovsuz pul versən, bir ildə milyon sahibi olarsan... vay-hay!.. Nəcəfbəy (daxil olur, əlində kağıza bükülmüş qızıl). Ala, bu da sənin girovun, ürəyin sakit olsun. Məşədi Cəfər.(Cibindən təməssük kağızı çıxardır). Di, bəy, zəhmət olmasa, öz dəst-xəttinlə buraya bir neçə kəlmə yaz. Nəcəfbəy (yazır və yazdığını oxuyur). Bu min iki yüz doxsan doqquzuncu ilin rəcəbül-mürəccəb ayının on yeddinci günündə, mən Nəcəfbəy Murad bəy oğlu Çaybasarski bu təməssükü verirəm öz həmşərim Məşədi Cəfər mərhum Dadaş oğluna, bu üzrə ki, müşarileyhdən iki yüz manat məbləği-rusi qərz aldım. Hali-təhrirdən bir ilin müddətinə bir dəst qızıl çəprast, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvarid boyun bağı girov verib, qərzdar oluram ki, vədeyi-müəyyənənin tamamında məzkur məbləği məzbur müşar-ileyhə verib, təməssükümü və girovumu alım. Əgər vədə tamamında borcumu əta etməsəm, girovdan məyusam. Mən Nəcəf bəy Çaybasarski qol yazdım... Buyur, bu da sənin təməssükün. Məşədi Cəfər. (təməssükü və girovu alıb qoyur cibinə, pul çıxarıb verir). Buyur, bəy, yüz yetmiş manat, müamiləsi ilə elər tamam iki yüz manat... Mürəxxəs olum qulluğunuzdan. Yenə nə vaxt qulluğun olsa buyur, həmişə qulluq eləməyə hazıram. Amma, bəy qəzəbin tutmasın, zəmanə yaman zəmanədir. Nəcəfbəy (pulu qoyur cibinə). Çox sağ ol, məşədi. Xudahafiz. Məşədi Cəfər baş əyib çıxır. Sonaxanım (əlində boş mücrü, ağlaya-ağlaya daxil olur). Nəcəf, elə bu qalmışdı ki, mənim başıma gətirdin. (Mücrünü atır otağın ortasına.) Elə bu qalmışdı? Kənd-kəsəkləri tamam uduzdun, olubqalanı verdin bada, İndi əlini mənə ilişdiribsən? Evin yıxılsın, nə qayırdığındır, nə fikir eləyirsən? Nəcəfbəy. Sən Allah, ovqatımın pis vaxtında məni rahat qoy. Tezliklə zəhrimarların qayıdar özünə. Sonaxanım. Çox danışacağam, kiriməkdən görürsən nə hala düşmüşəm. Bədənim belə quruyub, yanımdan bir yel ötsə tamam olaram. Mən çox kirimişəm, amma daha səbr kasam dolub-daşır. Gərək danışam, o qədər danışam, bu sinəmdə qalan bir xırda quru nəfəs də çölə çıxınca. Di qulaq ver, Nəcəf! Bir qiyamət gününü, xudavəndi-aləm divanını yadına sal. O günü yadına sal ki, Allah divanının qarşısında titrəyə-titrəyə hesab verəcəksən. O vədə səndən iki şikayətçi olacaq ki, yer-göy onların dudiahlarından lərzəyə gələcək. O şikayətçiləri bu saat gətirim sənin gözünün qabağına. (Cəld gedir o biri otağa.) Nəcəfbəy (tək). Bu nə iş idi mən tutdum?! Nə qələt idi elədim, pərvərdigara, özün mənim fəryadıma yet. Sonaxanım (iki balaca uşağın qolundan tutmuş, daxil olur). Bax, bunlardı səndən şikayətçi. Sən bunların olub-qalanını güdaza veribsən. Bunlar əllərini Allah dərgahına qalxızıb deyəcək: “Pərvərdigara, biz nə günah eləmişdik ki, ac qalırıq, susuz qalırıq”. Balaca balalarım, gözəl balalarım. Bu gün-sabah ananız ölər, siz də atanızın dövlətindən, çiyninizə torba salıb, küçələrdə, yol üstündə gəlib-gedənə əl açarsınız ki, ay Allahı sevən, çörək pulu verin, acıq, susuzuq. Necəsən, Nəcəf! Niyə ürəyimi oxlayırsan? Nəcəfbəy. Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Sonaxanım. Belə olar, bəs necə, od tutar, hələ bir az da ötər. Bu azdır, sən gərək xudavəndi-aləmin öz oduna yanasan. Mən bu gün-sabah öləcəyəm, amma mənim ruhum, – sən bir qiyamətli, yağışlı, tufanlı gündə Allahın öz oduna yanınca, – sənin dalınca gəzəcək. Eşikdən səs gəlir. Cavad (daxil olur). Bəy, bir qapıya buyur. Nəcəfbəy. Nə var, nə olub? Cavad. Heç, bir ovçu gəlib, Süleyman bəydən bir para əhvalat söyləyir. Nəcəfbəy. Ovçu kİmdir? Cəhənnəmə gəlib, gora gəlib, qov çıxsın getsin. Elə mənim dərdim-başım Süleyman bəy idi!.. Cavad (ciddi). Xeyr, bəy, özgə əhvalatdır, qapıya buyur. Nəcəfbəy çıxır. Sonaxanım. Cavad! Yoxsa Süleymanın başında bir iş var? Doğrusunu söylə. Cavad. Xanım, başına dönüm, qorxma, heç bir şey yoxdur. Sonaxanım. Yox, məndən danırsan. (Yüyürür Nəcəf bəyin dalınca.) Cavad. Fəqir övrət, eşitsə, görəsən necə olacaq? (Uşaqların qollarından yapışıb o biri otağa ötürür.) Sonaxanım (qışqırıqla qayıdır). Öldürüblər... Öldürüblər... Gözəl balam... Nazlı balam... Oy!.. (Yıxılır. Cavad istəyir durquzsun, görür ölübdür, hönkürüb ağlayır.) Nəcəfbəy (ağlaya-ağlaya daxil olur). Allah, bu nə iş idi mən düşdüm?! Pərvərdigara, İndi mən nə çara qılım, başıma nə daş salım?! Öhö... öhö... öhö... Cavad, başına dönüm, bir arabadan-zaddan tut, get o binəvanın meyitini götür gəl. (Sona xanımın meyitini görüb.) Bu nədir, a başınıza dönüm, yoxsa Sona da öldü? (Gəlib çökür Sona xanımın başının üstündə.) Sona... Sona...Sona!.. Səni and verirəm, mənim evimi yıxma, Sona... Məni düzlərə salma, Sona!.. Qurbanın olum, gözlərini aç... Sona, balalarına yazığın gəlsin. Öhö... öhö... öhö... öhö...öhö... öhö... (Yıxılır. Sona xanımın nəşinin üstünə.) Pərdə * * * Dördüncü məclis Şəhər küçəsi, axşam tərəfi, yağış havası. Şəhər əhalisindən iki nəfər: Əbdül İran libasında və Ismayıl. Hər biri bir daş üstündə əyləşib, söhbət edirlər. Əbdül. Bəli, ağa İsmayıl, doğru buyurursunuz, o şey ki insan özü özünə elər, aləm yığılsa ona eləyə bilməz. Budur, mən səkkiz ildən artıqdır ki, getmişəm İrana. İndi qayıdıb, nələr görürəm? Heç keçən ovzalar yoxdur. Mən burada neçə adamlar tanıyırdım ki, pulu kürəklə yığırdılar, amma İndi bir tümənə möhtacdırlar. Və yenə adamlar tanıyıram ki, bəylər qapısında qab-qaşıq yalayırdılar, İndi sövdəgəri məşhur olublar. Çox namərddir bu dünya, heç ona etibar eləmək olmaz. Cavadı ki, tanıyırsınız, mən buradan gedəndə onu nökər qoyub getmişəm, İndi gəlib sövdəgər görürəm. İsmayıl. Bir sağ tərəfinə bax, bu uçuq evi görürsən? Əbdül. Görürəm, necə? İsmayıl. Bu, Nəcəf bəyin evidir, haman kimsənənin evidir ki, Cavad onun qapısında qab-qaşıq yalayırdı. İndi Nəcəf bəy... Əbdül. Ölübdür, yoxsa? İsmayıl. Yox, ölməyibdir, amma bir günə düşübdür ki, görsən qan ağlarsan. Amma onun nökəri Cavad İndi olub ağa Cavad, sövdəgəri-məşhur. Bu evi ki görürsən, top dəysəydi dağılmazdı, onu qumar dağıtdı. Əbdül. Düz buyurursunuz, Ağa İsmayıl. Allah heç kəsi qumara mübtəla eləməsin. Xudavəndi-aləm hətta öz Qurani-şərifində qumarı şeytan əməli buyurubdur. Əlbəttə, şeytan əməlinə qurşanan gərək axırda belə olsun. Xub, məgər kənd-kəsək hamısı əldən getdi? İsmayıl. Qumar qabağında kəndmi durar, kəsəkmi durar? Əlbəttə, hamısı getdi. Bir də iki kəndi qalmışdı, onu da sövdəgər Məşədi Cəfər satdırıb, borc əvəzinə götürdü. İndi budur, gözünü dikib bu dörd divara, istəyir satsın, alan yoxdur, çünki taxtapuş uçub, yağış, qar, hər nə yağırsa evin içinə yağır. Ola bilsin, günlərin bir günündə uçub tökülsün. Əbdül. Kərəminə şükür, pərvərdigara. Özün öz bəndəni dərdübəladan saxla. Bəndənə yaman gün verincə, ölüm ver. Yaxşı, Nəcəf bəyin bir yaxşı oğlu vardı, o necə oldu? İsmayıl. Oğlunu qız üstündə dəllək İmamverdinin oğlu Kərim öldürdü. Əbdül. Allah rəhmət eləsin, yaxşı oğlan idi. Bəs o Kərimə nə üçün tənbeh olmadı? İsmayıl. Necə tənbeh olmadı? Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi. Əbdül. Nə buyurursan?! Mən ki Kərimi beş ay bundan əqdəm Təbrizdə gördüm. İsmayıl. Xeyr, səhvsən, yəqin ona oxşar başqa bir şəxs görübsən. Əbdül. Nə danışırsınız, kişi? Mənim gözüm kor deyil, mən Kərimin dabbaqda gönünü tanıyıram. Mən Kərimi çayxanada gördüm. Yorulmuşdum, döndüm çayxanaya ki bir-iki fincan qəhvə içim. Gördüm Kərim əyləşib qəlyan çəkir. Əhvalpürsanlıqdan sonra dedi ki, bəs çay almağa gəlib. İsmayıl. Məəttəlləm, baba! Budur, iki ildir ki, onu Sibirə göndəriblər. Əbdül. Iki ildir ki, ya iki yüz ildir, bilmirəm. Xülasə, mən Kərimi Təbrizdə gördüm. İsmayıl. Ay qardaş, Sibirdən qaçmaq ki, qeyri-mümkündür. Əbdül. Necə qeyri-mümkündür? Bu saat İranda bəlkə neçə yüz Sibirdən qaçmış Dustaq var. İsmayıl. Axır bunlar necə qaçırlar? Əbdül. Mən nə bilim, Allah bilsin. İsmayıl. Qəribə işdir. Amma Allah Süleyman bəyin qanını yerdə qoymaz. Kərim insan divanından qaçıb, Allah divanından qaçmaz. Əbdül. Xub, Ağa İsmayıl, siz mənə bir bunu söyləyin görüm, Nəcəf bəyin yaxşı dost-aşnaları var idi, dövlətli şəxslər. Məgər heç onlardan binəvaya bir kömək çatmır? İsmayıl. Rəhmətliyin oğlu, elə söz danışırsan ki, üç yaşında uşaq danışmaz. Əzizim, bu dünyada dost nə gəzir, aşna nə gəzir? Məgər taifeyibəniinsan dostluq eləyə bilir? Hamı yemək dostudur, hamı içmək dostudur. Əgər evində, cibində bir şey var, aləm sənə dostdur. Elə ki yoxundur, düşmənin də sənə düşməndir, dostun da düşmən olur, ey əmioğlu. Dust məşmar on ki, dər nemət zənəd Lafi yariyyü bəradər xandəgi. Dust on başəd ki, kirəd dəsti dust Dər pərişan haliyü dərmandəgi. Türkü məsəldir deyərlər: bağda ərik var idi, salamməleyk var idi, bağdan ərik qurtardı, salamməleyk qurtardı. Hərçənd arvad məsəlidir, amma çox göyçək məsəldir. Nəcəf bəy olub, Sədi demişkən, giriftarü Nemət vaxtında yoldaşlıq və qardaşlıqdan dəm vuranı dost sayma. Dost o adamdır ki, pis və dar gündə dostun əlindən tutma. paybəndiəyal. İki balaca uşağı qalıb, amma Allah işini uvantsın. Onun qədim nökəri Cavad bir az onun qolundan tutur. Əbdül. Bəli, görünür nəməkbəhəram adam deyil. İsmayıl. Qadam, necə ola bilir? Cavad deyəndə, kənddəngəlmə bir ac gədənin birisi idi. Nəcəf bəy onu adam elədi. Cavad oldu Ağa Cavad. On min manata yaxın əhvalı var. Qaçaq mal alış-verişi eləyir, sövdəgərlər arasında sahibi-etibardır. İndi haman Cavad gündə ətdən, düyüdən, yağdan alıb öz nökərlərindən göndərir Nəcəf bəyin evinə. Əbdül. Bəli, bivəfa dünyanın işi belədir...Yavaş, Ağa İsmayıl, o quş səsini eşidirsənmi? Deyəsən bayquş səsidir. İsmayıl. Eşidirəm, eşidirəm. Allah, amandır, axşam tərəfi, yağış havası, bayquş da ulayır. Görəsən fəqirin başına yenə nə bəla gələcək. (Göy guruldayır.) Yağış yağır, dur gedək. Pərvərdigara, yaman günündən bəndəni mühafizə elə. Əbdül. Ilahi, amin. Gedirlər. Göy tez-tez guruldayır, ildırım şaxıyır, hava bərk tutulur. Bu halda Nəcəf bəy köhnə libasda, saqqalı, bığı ağarmış, beli əyilmiş, əlində içinə şey bükülmüş dəsmal gəlib dayanır. Nəcəfbəy. Tamaşa elə, dünya, gülün mənə camaat, görün nə gündə sizin aranızda Nəcəf gəzir. Mənim axırım gərək belə olaydı. O adamlar ki, mənəm-mənəm dedilər, hamısının axırı belə oldu. Pərvərdigara, məsləhət sənİndir. Evlər yıxmışam, yetim uşaqların gözlərinin yaşlarını tökdürmüşəm. Övrətlər başıaçıq, ayaqyalın müsəlləyə çıxıb, haqq-hü çəkib, üstümə nalə töküblər. Heç birinə qulaq verməmişəm, demişəm mənim kefim kök olsun, istər aləm tufana getsin. Bizim hamımız beləyik. Cəmi insan tayfası belədir. İstərik həmişə öz qardaşımızdan uca olaq. Ondan ötrü öz qardaşımızın ayağının üstünə çıxıb, başından basırıq. Amma demirik ki, qardaş başından basanın Allah da başından basar. Allahın divanını yada salmırıq, qiyaməti yada salmırıq... Vay!.. Odur, yenə gəlir... Nə istəyirsən məndən? Nə düşübsən dalıma?.. Elə Allah divanı yadıma düşəndə, gəlib gözümün qabağında durursan? (Sona xanımın heykəli ağ çadirşəbə bürünmüş, saçları döşünə tökülmüş, əllərini qabağa uzadıb, Nəcəf bəyə tərəf yeriyir, Nəcəf bəy dalın-dalın qaçır.) Nə istəyirsən məndən? Niyə əl çəkmirsən? Görürsən Allah məni nə günə salıb, sən yenə məni rahat qoymursan? (İkisi də itirlər. Bir azdan sonra Nəcəf bəy qayıdır dizi üstə çökür. Peydərpey ildırım şaxıyır və göy guruldayır.) Xudaya, pərvərdigara! Dərgahında günahdan savayı bir iş tutmamışam, amma İndi sidqlə əl götürmüşəm dərgahına, ümid əlimi naümid qaytarma. Xudaya! Bəsdir çəkdiyim əziyyət. Bilirəm, o dünyada mənim yerim cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada mənə çəkdirmə. Dağılın, qara buludlar! Kəsilin gurultular! Sakit olun, ildırımlar! Bəlkə mənim duam gedə xudavəndi-aləmə yetişə! Pərvərdigara, ucuz ölümünü məndən əsirgəmə. Xudaya, bilirəm qiyamət günü dərgahına üzüqara gələcəyəm, amma məni insan yanında üzüqara eləmə. Qiyamətdə hər nə tənbeh eləsən, hamısına layiqəm. (İldırım bərk şaxıyır, göy bərk guruldayır, Sona xanımın heykəli yenə Nəcəf bəyin gözünün qabağında durur.) Budur, yenə gəldi! Axır nə istəyirsən məndən, səni and verirəm səni yaradan Allaha! istədiyin nədir, de məndən əl çək?! Sonaxanımınheykəli. Ver mənim imarətlərimi! (Qeyb olur, Nəcəf bəy bihuş yıxılır, bir azdan sonra ayrılır.) Nəcəfbəy. Bildim nə istəyirmiş məndən. İndi ölmək istəmirəm. Sakit ol, döyünmə, ürəyim! Mən əziyyətə layiq adamam. Gərək Allah dünyada mənə çoxlu ömür versin və çoxlu əzab...Bildim nə istəyirmiş... Bildim... (İstəyir getsin, ildırım vurur, yıxılıb ölür.) * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-dagilan-tifaq İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.