Dram əsərləri Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Millət dostları Bir məclisdə xırda milli teatr Əhli-məclis keyfiyyət bir məclisdə Əsgərbəy – dava vəkili Səfi – Əsgərbəyin nökəri Firudinbəy – injiner Ev sahibi Səfərbəy – meşəbəyi Vəlibəy – təbib Mürsəlbəy – silistçi Neçə nəfər mütəməddin əşxas Əsgərbəyin qonaqları Əhvalat keçir Əsgər bəyin mənzilində. Əsgər bəy stolun ətrafında gəzir. Nökər Səfi stolun üstünə boşqablar və ənva məşrubat düzür. Əsgərbəy. Səfi, sən niyə Martirosa demədin ki, həmişə göndərdiyi çaxırdan göndərsin? O bilmirmi ki, mən Qarakənd çaxırından savayı ayrısın xoşlamıram? Səfi. Ağa, mən dedim, amma yəqin Qarakənd çaxırı qurtarıb. Əgər xahiş eləyirsən, aparım qaytarım, Qarakənd çaxırı gətirim. Qələt eləyir, özündə də olmasa, özgə yerdən alsın versin. Əsgərbəy. Eybi yoxdur, qoy dursun, bunları verərəm Firudin bəylə Vəli bəy içərlər. Onlara Allah baxıbdır, hər nə zəhrimar versən qarınlarına doldurasıdırlar. Ancaq kef gətirsin. Səfi. Doğru buyurursan, ağa, şkafda da bir üç-dörd butulka Qarakənd çaxırı var, sənin üçün kifayət elər. Bir də, ağa, bağışla, ayıb olmasın soruşmaq, bu qonaqlıq nədən ötrüdür? Əsgərbəy. Vallah, bilmirəm nə tövr deyim başa düşəsən. Bu gün yoldaşlarımı qonaq çağırmışam, istəyirik bir cəmiyyət bina qoyaq ki, o cəmiyyət müsəlman camaatının həmişə qabağa getməsinə çalışsın. Məsələn, şkolalar açsın, pul yığıb füqəraların uşaqlarını böyük şkolalarda oxutsun və belə-belə xeyir işlər görsün, başa düşdün? Səfi. Niyə düşmədim, çox gözəl başa düşdüm. Allah sənə ömür versin, ağa. Elə fəqir-füqəranın duası sənə bəsdir. Əsgərbəy. Taqqıltı gəlir, çıx gör nədir, deyəsən qonaqlar gəlirlər. (Səfi çıxır.) Budur, neçə ildir ki, millət fikri mənim ürəyimdə bir böyük dağ olub. Amma tək olub kar görə bilməmişəm... İndi ümidvaram ki, bir belə yoldaşların köməyi ilə mənim başımdakı xəyallar hamısı vücuda gələ. (Daxil olurlar: Firudin bəy, Vəli bəy, Səfər bəy, Mürsəl bəy və bir neçə sair qonaqlar.) Buyurun, buyurun, ya Allah, bəs niyə gec gəldiniz? Firudin, sən ki saat birə vədə vermişdin, İndi üçün yarısıdır. Firudinbəy. Doğrudur, mən vaxtında elə evdən çıxmışam, amma yolda Anna Petrovna çıxdı qabağıma, dedi, gərək mənimlə gedəsən Arakelovun mağazasına. Əlacım kəsildi, getdim, oradan bir neçə əskiüsküdən alıb məni yüklədi. Dedi gərək məni evə provodit eləyəsən. Nə qayırım, mən olmayım, sən ol, Anna Petrovnanın sözünü yerə salmaq olar? Aparıb evlərinə qoyub qayıtmışam. Odur ki, bir az apazdat elədim. Əsgərbəy. Bəli, sənin damski kavalerliyinə söz yoxdur. Vəlibəy. Əsgər bəy, mən səni bir anlaqlı adam bilirdim. Deyəsən heç bir zada gərək deyilsən. Əvvəla, bir belə adam ayaq üstə durub, birinə otur demirsən və bir də Firudin ki, bir belə zəhmət çəkib yorulub, lazımdır ki, Anna Petrovnanın sağlığına bunun bığının altına bir tərkaltı vurasan. Əsgərbəy. Mənim deməyim nə lazımdır, açıq süfrə özü size çağırır. O ki qaldı Firudinə, o elə naxaldır ki, ona təklif-filan lazım deyil, özü töküb özü içəcək. Firudinbəy. Mənim naxallığım sənə nədən məlumdur? Əsgərbəy. Ondan məlumdur ki, budur neçə vaxtdır bu adamlar çalışır, heç biri İmdiyədək Anna Petrovna ilə aşna ola bilməyiblər. Amma sən sitallığına salıb aşna olubsan. Səfərbəy. Siz öləsiniz, həzərat, mən İndiyədək min beş yüz manatdan artıq Anna Petrovnanın yolunda xərc eləmişəm, yenə tanış ola bilməmişəm. Amma bu zalımın bilmirəm əfsunu var, nədir?! Əsgərbəy. Onun əfsunu elə haman mən deyən naxallıqdır. Həzərat, mən ölüm, quru danışıqdan fayda yoxdur, buyurun zakuskadanzaddan eləyin. Firudin, yaxınıma gəl, səni mən öz dəst-xəttimlə doyuzduracağam. (Qonaqlar əyləşirlər, Firudin bəy əyləşir Əsgər bəyin yanında. Əsgər bəy araq töküb ona verir və sair qonaqlar həmçinin rumkalara araq tökürlər.) Buyur, iç Anna Petrovnanın sağlığına. Qonaqlarhamısı. Firudin, Anna Petrovnanın sağlığına. İçirlər. Mürsəlbəy. Allah sizin dostluğunuzu möhkəm eləsin. (İçir). Firudinbəy. Sağ olun, çox razıyam. (İçir.) Tfu... nə murder araqdır! Bu zəqqumu haradan alıbsan, ay Əsgər? Bir onun şüşəsini bura ver görüm. (Baxır.) Oxay! Mənim zəhləm elə Popovun arağından gedir, bu da gedib Popov alıb. Niyə, bu dağılmış bazarda Smirnov tapılmır? Mürsəl bəy. A kişi, iç getsin o yana, sən nə anlayırsan Smirnov nədir, Popov nədir? İndi bu camaata özünü göstərirsən? Vəlibəy. Siz öləsiniz, camaat, mənim otuz beş yaşım var, bir dəfə araq şüşəsinin üstünü oxumamışam. Neyləyirsən, qardaş, araq araqdır, iç getsin dərdinin dalınca. Müsəlman nə anlayır arağın ya çaxırın yaxşısını, pisini, əlinə düşdü, iç keflən, ya iskandal elə, ya yıxıl yat. Səfi sup gətirib qoyur. İki butulka da çaxır qoyur Əsgərbəyin yanına və məclis qurtarınca peydərpey çörək və meyvəcat gətirir. Əsgərbəy. Həzərat, boşqablarınızı bir-bir verin sup töküm. (Töküb verir.) Zakuska ilə qarnınızı doydurmayın, sonra bir şey yeyə bilməzsiniz. Qonaqlar şirin yeyirlər. Mürsəlbəy. Firudin, mən ölüm, bir nağıl elə gərək Anna Petrovna ilə nə tövr aşna oldun? Firudinbəy. Nə borcunuzdur, hər tövr oldum. Qonaqlar. Firudin, mən ölüm, nağıl elə! Firudinbəy. Adama bir yaxşı bakal onun sağlığına çaxır için deyim. (Qonaqlar hamısı şərab töküb “Anna Petrovnanın sağlığına” deyərək içirlər.) İndi deyim: sizin hərəniz bir neçə qədər pul xərc edibsiniz. Amma heç birinizə onunla aşna olmaq mümkün olmayıb. Amma mən bu yolda cəmicümlətanı üç manat altı şahı xərc eləmişəm. Bir gün çox murdar palçıqlı havada küçədə gedirdim. Gördüm Anna Petrovna yubkasının ətəyini yığıb əlinə, istəyir küçənin o tərəfinə keçsin. Bir faytonçuya yanaşıb dedim: qoçağım, nə verim faytonla şıdırğı o xanımın böyründən ötüb onu yıxasan? Faytonçu əvvəl qəbul eləmədi. Sonra onu üç manata razı elədim. Gözünə döndüyüm, faytonu tərpədib bunun böyründən nə tövr ilişdirdisə, təpəsi üstə getdi lığın içinə, ürəyi getdi. O saat üstünü aldım, bir fayton çağırıb içinə yıxıb apardım evlərinə. Ata-anasına keyfiyyəti nağıl elədim, az qaldılar məni duz kimi yalayalar. Bir azdan sonra Anna Petrovna da ayılıb əhvalatı bildi. O gündən mən olmuşam onların evlərinin məhrəmi. Vəlibəy. Afərin, Firudin, afərin, Firudin! Həzərat! Firudin bəyin sağlığına. (Şərab tökür.) Firudin, qardaş, sağ ol. (İçir.) Qonaqlar. Firudin, sağ ol. İçirlər. Əsgərbəy. Camaat, mən sizə iki-üç kəlmə söz demək istəyirəm. Təvəqqe eləyirəm bir-iki dəqiqə zarafatı kənara qoyub, qulaq asasınız. Mürsəlbəy. Buyur, qulaq asırıq. Əsgərbəy. Mən istəyirəm bizim bugünkü yığıncağımızın səbəbini sizə vəz eləyim. Qonaqlar. Qulağımız səndədir, buyur. Əsgərbəy (qalxır ayağa.) Yoldaşlar! O sözlər ki mən istəyirəm sizə deyim, sizin üçün bir təzə şey ola bilməz, çünki hamınız əhli-elm, əhli-savad və qələm, tarixdən baxəbər şəxslərsiniz. Sizə məlumdur ki, keçmiş zamanlardakı Avropa camaatı filcümlə zülmətə qərq idi, elimin işığı cəmi məşriq zəmini münəvvər eləmişdi. Tayifeyi-islam hər bir elmə dara və sənayedən baxəbər idi. Yada gətirin xülaveyiBəni Abbasiyəni, ələlxüsus Harun ər Rəşid əsrini, yada gətirin qarih xülafələrin əsrini. Amma İndi o əsrlərdən və keçmiş elmlərdən bir nişanə müsəlman arasında görmürük. Avropa, elmi müsəlmanın əlindən qəsb eləyib, elm və sənətin cəhətinə dünyaya sahiblik eləyir. Amma islam kor-koranə barmaqlarını yerə sürtə-sürtə özünə rahi-nicat axtarır. Bu bədbəxtliyin səbəbi kİmdir və nədir? Bu barədə danışmağı lazım bilmirəm. Ancaq ürək yanır, ciyər paralanır, göz yaşı nəfəsgahı tutur, hər bir müsəlmanın halətini mülahizə eləyəndə. Hamımıza məlumdur, yoldaşlar ki, qədim hunlər ki, İndi onlara Almaniya tayfası deyirlər, Avropaya gələndə nə sifətdə gəlmişdilər: vəhşisifət, bisərpa, hərəsi bir canavar dərisindən libas geymiş, ev əvəzində hərə biri yer altında bir qazma qayırıb orada vəhşi heyvan kimi zindəganlıq edirdilər. Çıraq ya şam bilmərrə tanımazdılar. O vədə müsəlman tayfasının bəqədir məqdur evləri var idi və heç olmasa evlərində bir piysuzları var idi ki, onunla evlərini işıq eləyirdilər. İndi o vəhşi camaat elektrik işığı icad eləyib, onunla barigaha bənzər evlərini münəvvər eləyirlər. Buna baxanda gərək müsəlmanlar elektrik işığından da gözəl bir işıq ixtira edəydilər. Amma, çifayda... İndi bu cahil tayfa, necə ki sizə ərz elədim, yolu itirib, adam axtarır ki, onun əlindən tutub zülmətdən işığa çıxarda. Bu yerdə də millətin intelegentlərdir. Ona görə mən sizə zəhmət verib buraya çağırmışam ki, biz burada millət üçün bir xeyir iş binası qoyaq. Mənim xahişim budur ki, biz bir cəmiyyət təsis eləyək və o cəmiyyətin adını “Avam arasında savad intişar edən cəmiyyət” qoyaq. Bu cəmiyyətin məramı xırda şkolalar açmaq, camaat arasında ucuz kitablar paylamaq, cürbəcür növlə pullar yığıb fəqir uşaqları böyük şkolalara göndərmək və sair təsisat-xeyriyyə bina etmək olsun. Ümidvaram ki, buraya cəm olan yoldaşlar ittifaq edib bu xeyir işin vücuda gəlməsinə səbəb olacaqlar. Dübarə təkrar edirəm: millətin gözü bizdədir və biz ki, adımızı millət dostları qoymuşuq, onun irəli getməyinə çalışmasaq, bir böyük günah elərik. (Əyləşir.) Qonaqlar (əl vururlar). Bravo, bravo! Sağ ol, Əsgər! Var ol, Əsgər! Firudinbəy. Həzərat, Əsgər bəyin sağlığına, sağ ol, Əsgər! Sağ ol, qardaşım! Hər kəs bu xeyir işdən boyun qaçırsa, ona müsəlman adı qoymaq olmaz. Bu gözəl iş çoxdan lazım idi. Amma bünövrə qoyan yoxudu, yenə sağ ol. (İçir.) Qonaqlar. Sağ ol, Əsgər, sağ ol. İçirlər. Səfərbəy (durur ayağa, əlində şərab). Həzərat! Milləti-islam bu halda bir yetim hökmündədir və məlumdur ki, yetim üçün gərək qəyyum olsun. Amma nə o qəyyum ki, yetimə xəyanət edə, xeyir, o qəyyum ki, həmişə onun dərdinə ağlaya: şadlıq günündə şad ola və qəm günündə qəmxar. Sədd heyf ki, islam qəyyumlarının bu halda çoxusu ona xəyanətkardırlar. O adamlar ki, həqiqət, islamın dərdinə və oduna yanıblar, onları barmaqla sanamaq mümkündür. Mən bu şərabı almışam ələ, içirəm və təvəqqe eləyirəm siz də içəsiniz o şəxslərin sağlığına ki, həmişə millətimizin tərəqqisinə və qabağa getməsinə çalışır və o cümlədən içirəm bizim sahibi-xanə Əsgər bəyin sağlığına...Yaşa, qardaşım, yaşa. (İçir.) Qonaqlar. Bravo, bravo! Sağ ol, Əsgər! İçirlər. Əsgərbəy (ayağa durur). O sifətlər ki bu saat Səfər mənə verdi, mən onların heç birisinə hələliyə özümü layiq bilmirəm. Çünki məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə mənim adım millət qeydkeşi qoyulsun. Doğrudur, millət qəmi, millətin geridə qalmağı həmişə bir od olub mənim ürəyimi yandırır və çox da istəyirəm millətin dadına gəlim, amma bacarmıram. Çünki məsəldir: tək əldən səs çıxmaz. Amma ümidvaram ki, sizin kimi millət dostlarının köməyi ilə mənim tədbirlərim əmələ gələ. Ancaq sizin bu yolda birləşməyiniz bir sərin su olub mənim ürəyimin odunu söndürə bilər. Sizin köməyinizə həmişə ümidvar olub, içirəm sizin hamınızın sağlığına. Allah sizi yoldaşlıqdan əskik eləməsin. (İçir.) Qonaqlar (əl vururlar). Bravo! Bravo! Firudinbəy. Bravo, Əsgər! Vallah, ölsən də üzündən öpəcəyəm. (Sərməst qalxıb Əsgər bəyin boynunu qucaqlayıb üzündən öpür.) Qurban olum sənin kimi qeyrətli müsəlmana. Belə mənim bu yetim canım sənə Qurban olsun. Yoldaşlar, Əsgərin sağlığına! Ura! Əsgərbəy (Firudin bəyi oturdur.). Firudin, otur yerində, daha kifayətdir, mən ölüm daha içmə. Firudinbəy. İçməyim? Baş üstə, Əsgər, sənin kimi oğlun sağlığına ömrün olalı içəsən, yenə azdır. Əsgərbəy. Yaxşı, yaxşı, otur yerində. İmdi, yoldaşlar, mən istəyirəm sizinlə bizim bina qoyduğumuz cəmiyyətin qanunnaməsi və onun mədaxil yolları barəsində söhbət edim. Qanunnaməni mən özüm yazmışam, nahardan sonra oxuruq. Amma mədaxil yolları çox olmağa görə söhbət vacibdir. Səfərbəy. Mədaxil yolunun birini mən bu saat deyim. Firudinbəy (yumruğun stola vurub qalxır). Səfər, dur! Mənim dostum var, mən danışan yerdə gərək heç kəsdən səs çıxmasın. Mən içirəm cəmi millətpərəstlərin sağlığına. (Səfini çağırır.) Ey millətpərəst, idi syuda! (Səfi yaxın gəlir.) Sən millətpərəstsən, yoxsa yox? Səfi. Necə bəy? Firudinbəy. Mən müsəlmanam, ya yox? Səfi. Bəli bəy, müsəlmansan! Firudinbəy. Sən görsən ki, mən yıxılıb ölürəm, kömək eləyərsən, yoxsa eləməzsən? Səfi. Əlbəttə, borcumdur kömək eləyim. Firudinbəy. Vot, znaçit, sən millətpərəst... Stupay! Əsgərbəy. Firudin, mən ölüm, gəl otur, yerində, a kişi, heç sənə çaxır verməli deyil. İki stəkandan sonra ağlın başından çıxır. Səfər, sözünü qurtar. Səfərbəy. Bəli, bir neçə yaxşı mədaxil mən göstərim. Əvvəla, Qurban qoyunlarının dərisi. Hər bir müsəlman ildə kəsdiyi Qurban qoyununun dərisini bizim cəmiyyətə versə, onun pulu ilə neçə-neçə şkolalar açmaq və neçə fəqiri böyük şkolalarda oxutmaq olar... İkimcisi... Vəlibəy. İkimcisini qoyun mən deyim. İkimcisi, o min beş yüz manat nə qədər ki, Anna Petrovnanın yolunda xərc eləyibsən və hamısı da ki, əfsanə gedib, onunla sən üç uşağa tərbiyə verə bilərsən. Səfərbəy. Bu danışıqların buraya nə dəxli var. Mən Anna Petrovnanın yolunda canımdan da keçərəm, biz millət söhbəti eləyirik. Firudinbəy (qeyznak qalxıb). Səfər, bu nə hərf-hədyandır danışırsan? Sən bilirsən ki, Anna Petrovna mənim tanışımdır və onun namusu mənə düşər. And olsun Allaha, başından alıb səni yıxaram yerə, o qədər qarnına təpik vuraram ki, beş hambal səni yerindən durquza bilməz. Səfərbəy. Kəs səsini, itin biri, sən mənim başımdan alıb yıxacaqsan? Vallah, təpənə bir güllə vurram beynin havaya dağılar. (Butulkanın birini atır Firudin bəyə, butulka yerə dəyib dağılır. Firudin bəy qalxır Səfər bəyi birçəkləyir. Hər ikisi yıxılırlar yerə. Qonaqlar ayağa durub istəyirlər onları aralaşdırsınlar.) Evsahibi (daxil olur). A sizə Qurban olum, evim başıma uçdu, bu nə vurhavurdur, nə qalmaqaldır Səfi. Məşədi, heç küy eləmə ki, işin orası deyil, bəylər islamı qabağa aparırlar. Evsahibi. A rəhmətliyin oğlu, nə söyləyirsən, yoxsa sən də keflisən, islamı qabağa aparırlar nədir? Səfi. Sən belə şeyləri başa düşə bilməzsən, avamsan, get evinə. Get evinə. (Dalından itələyib çıxardır.) Firudinbəy (qalxıb). Əsgər, sənin ki evində məni döydülər, sən dinmədin, daha bundan sonra mənim ayağım sənin qapından girməz, xudahafiz. (Çıxır.) Səfər bəy (Əsgər bəyə). Sənin ki evində məni abijat elədilər, daha bundan sonra mən səni tanımaq istəmirəm. (Çıxır.) Mürsəlbəy. Balam, Əsgər, söhbət pis məqama mİndi, daha biz də gedək, bir ayrı gün yığılıb söhbət elərik. Səfi, çıx fayton çağır. (Səfi çıxır.) Axır sən bu Firudinin xasiyyətini bilə-bilə onu buraya niyə çağırırdın? Sən bilirsən ki, o içəndə adamlıqdan çıxır. Əsgərbəy. Xeyr, ondan deyil, o Anna Petrovna sözü işləri xarab elədi. Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Səfi (daxil olur). Ağalar, buyurun, faytonlar hazırdır. Mürsəlbəy. Hələ ki, xudahafiz, inşallah bu günlərdə dübarə söhbət elərik. Əsgərbəy. Xudahafiz. (Qonaqlara bir-bir əl verir.) Siz Allah bağışlayın, vallah, xəcalətimdən üzünüzə baxa bilmirəm. Vəlibəy. Eybi yoxdur, xudahafiz. Qonaqlar çıxırlar və Əsgər bəy də dallarınca. Səfi (tək). Bəli, islam qabağa getdi!.. * * * Ac həriflər Məzhəkə bir məclisdə Əşxas Həsən – kababçı Zərbəli – şagirdi İb rahimbəy – çinovnik Vəli Hüseyn } artistlər Mirzə Mahmud – “ İftira” qəzetinin mühərriri Salman Süleyman } iki yoldaş Lətif Səməd }qonaqlar Əhməd Rza Əhvalat keçir kababçı Həsənin dükanında, bizim əsrimizdə. Kababçı Həsənin dükanı. Beş dənə qırmızı süfrə ilə örtülmüş stol qoyulub, ikisi müqabildə, ikisi dalda, biri ortada. Dükanın iki qapısı var: biri ortadan küçə qapısı və sağ tərəfdən mətbəx qapısı. Müqabildə, sağ tərəfdə qoyulmuş stolun dalında üzü camaata tərəf İbrahim bəy əyləşib. Dal stolların birində Lətif və Səməd, ortalıqda Rza əyləşiblər. Hamı çörək yeməyə məşğuldular. Mətbəxdən dəhrə-taxta səsi gəlir. İb rahimbəy (qaşıqla su şüşəsini döyür). Kababçı! Kababçı! Zərbəli (gəlir). Nə buyurursan? İbrahimbəy. Xozeyni buraya çağır. Zərbəli. Xozeyin dolma bükür, nə qulluğun var buyur. İbrahimbəy. Get xozeyni çağır deyirəm sənə, xozeyni çağır. Füzul milləti füzul! Cəld ol! Sürük! (Zərbəli gedir.) Həsən (daxil olur). Bəy nə buyururdun? İbrahimbəy. Yaxına gəl görüm. (Həsən yaxına gəlir.) Nə olub yenə qaş-qabağını turşaldıbsan? Həsən. Heç, elə belə, bazarın kasadlığı ovqatımı təlx eləyib. İbrahimbəy. Ah, mən də deyirəm görəsən nə olub. Adam da dünya malı üçün ürəyini qısarmı? Bir gün mədaxil çox olar, bir gün az olar, nə lazım ürək qısmaq? Məsələn, mən dünən aldığım məvacibi qəpiyinədək uduzmuşam, heç əsla vecimə deyil. Həsən. Onda, görünür, bu gün də bizim hesabı çəkməyəcəksən? İbrahimbəy. Hesabın bura nə dəxli var? Mən sənə neçə borcluyam? Həsən. Bu saat. (Çağırır.) Ay gədə, Zərbəli, Zərbəli! Zərbəli. Bəli! Həsən. Çortkəni bura gətir! Tez! (Zərbəli çox çirkli çotkə gətirib verir, yenə gedir.) Keçmişdən qalıb iki manat altı şahı üç qəpik, bugünkü də iki abbası. Cümlətani eyləyir iki manat on dörd şahı üç qəpik. İbrahimbəy. Iki manat on dörd şahı üç qəpik. Yəni iki manat yetmiş üç qəpik. Həsən. Bəli, iki manat yetmiş üç qəpik. İb rahimbəy. Çox gözəl! Nə az imiş, mən çox bilirdim. İki manat yetmiş üç qəpik. A kişi, Allah bərəkət versin müsəlman aşpazxanasına. Qarnın doyunca yeyirsən, özü də ucuz. O gün bir nəfər yoldaşım məni restorana qonaq aparmışdı. Quzu əti istədim, bir parça gətirdi, heç yarım girvənkə olmazdı. Qiyməti neçə? Manat yarım. Dedim: ay nainsaf uşağı, məgər sizin Allahınız yoxdur? Bizim yerlərdə manat yarıma bir bütöv quzu almaq olar. Deyir ki, bəs nə bilim icarəyə bir belə verirəm, məvacib bir belə, tüstü pulu bir belə... Cəhənnəmə ver, gora ver! Allah bərəkət versin Həsən dayının restoranına, hesabın nə elədi? Həsən. İki manat yetmiş üç qəpik. İbrahimbəy. Çox gözəl. (Əlini şalvar cibinə salıb, əvvəl sağ tərəfə, sonra sol tərəfə, axırda qoltuq cibinə salıb, papiros qutusunu çıxarıb içindən bir papiros çıxardır.) Bir spiçka ver. Həsən (çağırır). A gədə, Zərbəli! Zərbəli (mətbəxdən). Bəli! Həsən. Çor bəli, zəhrimar bəli, vərəm bəli! Spiçka gətir. Zərbəli spiçka əvəzinə maşada od gətirir. İb rahimbəy (yandırıb ayağa qalxır). İki manat yetmiş üç qəpik, xub, sabah çatar. Həsən. A başına dönüm, necə çatar? Ayın iyirmisinə vədə qoymuşdun, ayın iyirmisi də dünən keçdi, gəlmədin, bu gün də belə deyirsən, axı mən də yazığam. İbrahimbəy. Yazığam deyəndə, mənim iki manat yetmiş üç qəpiyimə möhtac deyilsən. Adamsan, deyirəm sabah çatar. Həsən. Bəy, doğrusu, gərək bu gün verəsən, sabaha gözləyə bilməyəcəyəm. İbrahimbəy. Gözləyə bilməyəcəksən, gözləmə! Yerdən çıxardım pulu? Adamsan, sənə dedim ki, olan pulumu uduzmuşam. Həsən. Ay bəy, bəlkə sabah da vermədin, necə olsun? İbrahimbəy. Necə olsun? Sabah olmasın, iki gündən sonra olsun, beş gündən sonra olsun, gələn həftə olsun. Yeməyəcəyəm sənin Həsən (onu qabaqlayır). Bəy, Allahı arada gör, məni incitmə. İbrahimbəy. A kişi, çəkil kənara, görüm a! Səninlə yumşaq danışdıqca azırsan. (İtələyib tez qapıdan çıxır.) Həsən (onun dalınca). Ay bəy! Ay bəy! (Qayıdır, üzünü tutur sair çörək yeyənlərə.) Bu da bəy! Qoyasan axşamadək papağını əyri qoyub, çəkməsini cırıldada, knyaz kimi gəzə. Cibində də bir qəpik qara pul yox! Adamla da elə danışır, guya Babaxan sərdarın oğludur! Apar, istəmədim o iki manat yetmiş üç qəpiyi. O da sənin, Allahın min bir bəlası da! Adın da utanmır, bəy qoyur. Mirzə Mahmud daxil olur. Həsən. Mirzə, buyurgilən! Nə yeyəcəksən? (Yer göstərir.) Mirzə Mahmud (əyləşir, işarə ilə Həsəni çağırıb yavaşdan qulağına deyir.) Mənim üçün, deginən, yarım porsiya kotlet versinlər. Həsən (ucadan çağırır). A gədə, Zərbəli! MirzəMahmud işarə edir ki, qışqırmasın. Zərbəli (mətbəxdən). Bəli. Həsən (ucadan). Mirzə Mahmud üçün yarım pors kotlet gətir! Zərbəli (mətbəxdən). Bu saat! Zərbəli boşqab, çörək gətirib qoyur. Lətif boşqabı döyür, Zərbəli ora tərəf gedir. Həsən mətbəxə gedir. Lətif. Zərbəli, qoçaq oğlan, gəlsənə mənə bir manat borc verəsən, şənbə günü sənə bir manat altı şahı verim! Zərbəli. Baş üstə, özümdə yoxdur, gedim xozeyndən alım. (Gedir, sonra kotlet gətirib Mirzə Mahmudun qabağına qoyur. Manatı da aparıb Lətifə verir.) Buyur! Lətif (pulu alır). Çox sağ ol. (Çağırır.) Həsən dayı! Həsən (mətbəxdən). Bəli, bu saat! (Daxil olur.) Nə buyurursan? Lətif. Neçə verəcəyik? Həsən. Zərbəli, ağalara nə veribsən? Zərbəli. Bir dənə piti, on dənə lüləkabab. Həsən. Piti iki abbası, lüləkabab da bir abbası, cəmi üç abbası. Lətif. Al! (Manatı verir.) Həsən (pulu alıb artığını qaytarır). Bu da sizin iki abbasınız. Allah bərəkət versin. Lətifvə Səməd. Xudahafiz. Gedirlər. Həsən. Müşərrəf elədiniz, göz üstə gəldiniz. Hüseyn, Vəli daxil olurlar, ikisi də Həsənə yaxınlaşıb, qulağına söz deyirlər. Həsən (ucadan). Xeyr, xeyr, əstəğfürullah, mən, əlhəmdülillah, özüm müsəlman, bura da müsəlman aşpazxanası, mən elə şeyləri burada saxlayamı bilərəm? Qiyamətdə mən nə cavab verərəm? Hüseyn. Mən ölüm, mümkün isə düzəlt, yoxsa biz artist babayıq, onsuz bir tikə çörək yeyə bilmərik. Həsən. Ərz eləyirəm ki, tapılmaz. Vəli (Hüseynə). A kişi, nahaq yerə nə başını ağrıdırsan? Görürsən vermir. Gəl gedək restoranların birisində qaydasınca özümüzü doyuzduraq. Mən dedim mənfəəti müsəlmana verək. Niyə qaradavoy dal qapıdan mətbəxə girəndə tapılar, artist gələndə tapılmaz? Gəl bəri, gedək. İstəyirlər getsinlər. Həsən. Bir geri qayıdın. (Hüseyn, Vəli qayıdırlar.) Təvəqqe edirəm bir adam bilməsin, yoxsa aksız gələr dükanımı kökündən bağlar. Vəlivə Hüseyn. Bu nə sözdür, biz məgər şpiyonuq? Həsən. Onda buyurun mətbəxə. Hüseyn və Vəli mətbəxə gedirlər. Mirzə Mahmud (onları səsləyir). Cənab artistlər! Və l i. Mirzə Mahmud, burada imişsən? Bağışla, sənin canın üçün görmədik. Mirzə Mahmud. Artistin etibarı belədir, ehtiyacı olanda adamı gecəgündüz axtarar, olmayanda arağı tək içərlər. Eybi yoxdur, mən də bu həftə qəzetdə sizin başınıza bir oyun açım ki, bir də səhnə adı eşidəndə gözləriniz xortdamış ölünün gözlərinə oxşasın. Eybi yox! Hüseynvə Və l i. A kişi, sən Allah, oyunbazlıq eləmə. Sən öləsən, görmədik, gəl bəri. Dartıb onu mətbəxə aparırlar. Əhməd daxil olur. Rz a. Di gəl çıx da! Gözləməkdən səni təngə gəldim ki. Budur, yarım saatdır naharı qurtarmışam, dura bilmirəm. Əhməd (əyləşir). Çox danışma, nökəri çağır. Rza (yumruqla stolu döyür, Zərbəli gəlir). Gör ağa nə istəyir, gətir. (Əhmədə) Nə yeyəcəksən? Əhməd. Heç zad yeməyəcəyəm, bu saat nahar eləmişəm. Əgər olsa bir stəkan qəhvə içərəm. Zərbəli. Qəhvə yoxdur, yaxşı təzə dəmlənmiş Popov çayımız var. Əhməd. Bir stəkan tök gətir, açıq elə, özü də dişləmə. Zərbəli. Baş üstə. (Gedir.) Hüseyn, Vəli, Mirzə Mahmud qayıdırlar. Hərəsinin əlində bir parça çörək və bir qədər penir. Mirzə Mahmud öz yerində əyləşir. Hüseyn, Vəli də özgə stulda. Zərbəli bir stəkan çay gətirib Əhmədə verir, sonra gedir Hüseynlə Vəliyə tərəf. Zərbəli. Nə buyuracaqsınız? Hüseyn. Nəyin var yeməyə? Danışıq əsnasında Salman ahəstə daxil olur, qapının ağzında dayanıb qarnını ovcalaya- ovcalaya o yan-bu yana baxır, sonra gəlib qabaqda, sağ tərəfdə qoyulmuş stolun yanında oturur. Zərbəli. Yaxşı lətif piti var, küftə-bozbaş var, kəlləpaça var, kotlet var. Hüseyn. Mənim üçün kəlləpaça gətir. Və l i. Mənim üçün də. Zərbəli. Baş üstə. (Gedir). Süleyman daxil olub Salma nın yanında durur. 216 Süleyman. A balam, sən Salman deyilsən? S a lma n. Dayan, bəs səndə Süleyman deyilsən? Süleyman. Ay sənə Qurban olum, a Salman, bu neçə ildir haradasan? Bircə gəl öpüşək! Qucaqlaşıb öpüşürlər. S a lma n. Bir əyləş görək. (Yumruğu ilə stolu döyür.) Zərbəli (mətbəxdən). Bu saat! (Daxil olub, iki qab kəlləpaça Hüseynlə Vəliyə verir. Sonra Salmanla Süleymanın yanına gəlir). S a lma n. İki dənə piti gətir. Zərbəli. Baş üstə (Gedir). Salman (Süleymana). Bircə de görüm, bu neçə ildə harada idin? Heç səndən bir xəbər gəlmirdi. Süleyman. Sibirdə dəmiryol podratına girmişdim. Bir neçə il yaxşı qazandım. Axırda işim əydi. Əlimdə olanın hamısı çıxdı, ancaq bir yol xərci düzəldib vətənə qayıtmışam. Sən harada idin, nə işdəsən? Zərbəli pitiləri gətirib qoyur. S a lma n. Çörəyimizi yeyək, gedək şəhər bağına. Mənim qəzavüqədərim çox uzundur. Orada nağıl edərəm. Yeyirlər, ahəstə söhbət edirlər. Mirzə Mahmud (hirsli qalxıb stolu bərk döyür.) Kababçı! Kababçı! Zərbəli (daxil olub). Nə buyurursan? Mirzə Mahmud. Bu saat xozeyni buraya göndər? Zərbəli çıxır. Həsən (daxil olub). A mirzə, nə olub belə qışqırırsan? Mirzə Mahmud. Nə olacaq, yaxına gəl. (Həsən gəlir.) Bu nədir? Həsən. Bir şey deyil, ətin damarıdır. Mirzə Mahmud. Dürüst bax, bu, damardır, ya ki siçan quyruğu? Sən məni nə hesab eləyirsən? İndi mən düşünürəm ki, əhali arasında gündən-günə intişarı artan taunun, vəbanın, yatalağın və sair imrazi-misriyyənin səbəbi nədir. Hamısına bais sənin aşxanan tək mənbələrdir. Həsən (üzünü qonaqlara tutur). A sizə Qurban olum, bircə məni başa salın görüm, bu nə deyir? Itəm əgər bunun bir sözünü anlayıramsa. Mirzə Mahmud. Əlbəttə anlamazsan və anlamamağın da təbiidir. Siz loqantaçılar fəqət öz mənafeyi-şəxsiyyətinizi təqib etməkdəsiniz. Odur ki, mənafeyinizə aid olan bəyanatı anlamırsınız. Sən məni tanıyırsan, ya yox? Həsən. Necə tanımıram. Mirzə Mahmudsan da! Mirzə Mahmud. Bəli, Mirzə Mahmudam, necə Mirzə Mahmud? “İftira” cəridəsinin məşhur mühərriri. Mən, əlbəttə, gərək öz hifzisəhhəti üçün müqəyyəd olanları müttəle edəm. İştə, sabah “İftira”nın əvvəlinci səhifəsində yüz sətirdən ibarət bu sərlövhəli məqaləni oxuyursan: “Təxribi-mədəhayixəlayiq, yaxud kotlet içində siçan quyruğu”. O məqaləni oxuyanlar hamısı belə məbdəyi-imrazdan əlbəttə ictinab edərlər. Həsən. Ay mirzə, Allahı sevərsən, kasıb adamam, mənim evimi yıxma, yediyin nahar da ana südü kimi halalın olsun. Mirzə Mahmud. Nə dedin? Sən mənim məsləkimi bir nahara satın almaq istəyirsən? Mən sənə o ixtiyarı heç vədə vermərəm. Həsən (artistlərə). Ay ağalar, siz Allah, bunu bir tövr görün rəhmə gətirə bilərsinizmi? Hüseyn. H ə s ə n dayı, buraya gəl. (Kənara çəkir.) Gör bir-iki manatın varmı, ver ağzı yumulsun. Həqiqət, gedib qəzetdə yazsa, gərək dükanını bağlayasan. Həsən. Vallah, bir manat pulum var. Hüseyn. Hər nədir ver, qəbul elər. Həsən (gedib Mirzə Mahmudun ovcuna bir manat basır). Mirzə, təvəqqe edirəm, bunu da papirosa verəsən. Altı baş külfətim var, mənim evimi yıxma. Mirzə Mahmud (pulu atır). Xam xəyal etmə, əzizim! Sən bunu bil ki, qəzet mühərriri, ələlxüsus “İftira” cəridəsinin mühərriri heç vədə öz əqidəsini və məsləkini cifeyi-dünyaya satmaz. Vəli (manatı götürüb verir Mirzə Mahmuda). A kişi, füzulluq nə lazımdır? Yüz sətir yazıb bir manat alacaqsan, bu sənin bir manatın. Nahar da müftə düşdü, dahı nə istəyirsən? Həsən (Salmanla Süleymana). Ay ağalar, siz Allah, siz də təvəqqe edin bəlkə mənə rəhmi gələ. Salman, Süleyman və artistlər Mirzə Mahmudu əhatə edirlər. Rza (Əhmədə). Aralıq qarışıq ikən mən əkilim, sən otur burada. Əhməd. Əkil, eybi yoxdur. Rza gedir. Mirzə Mahmud. Bu dəfə səni bu şəxslərə bağışladım. Bundan sonra təbəxlərə dürüst diqqət edərsən. (Gedir.) Həsən. Baş üstə, can üstə. Şükür Allaha, bir manat pul, yarım pors kotletlə qurtardım. Qonaqlar qayıdıb yerlərində əyləşirlər. Əhməd stəkanı döyür, Həsən ona tərəf gəlir. Əhməd. Al. (Pul verir.) Həsən (pula baxır). Nə verirsən? Əhməd. Nə verəcəyəm?! Bir stəkan dişləmə çay içmişəm, elər bir qəpik, qəpiyini al. Həsən. Bəs yoldaşın yeyən naharın pulu necə olsun? Əhməd. Mən nə bilim necə olsun? Ona da ki, mən borclu deyiləm. Bir stəkan çay içmişəm, borcluyam pulunu verim. Həsən. Bəs yoldaşın necə oldu? Əhməd. Çıxdı. Dedi, bu saat qayırdıram. Qayıdar, pulunu alarsan. (Gedir.) Həsən (çağırır). Zərbəli! Zərbəli! (Zərbəli daxil olur.) A gədə, kor oğlu kor, qonaq durur gedir, xəbərin niyə olmur? Bir çıx gör burada çörək yeyən necə oldu. Cəld! (Zərbəli çıxır.) Ay camaat, bugünkü gün mən nə günah eləmişəm? Kim mənə qarğıyıb? Çörək yeyən qaçır, çörək yeyən qaçır. Adlarını ağa qoyublar, hamısı julikdirlər, julik!.. (Zərbəli gəlir.) Necə oldu? Zərbəli. Usta, getdim yolda ətəklədim, bir qapaz vurdu yıxıldım, mən durunca mindi konkaya qaçdı. Həsən. Yerə soxum səni, qaradavoy çağıra bilmirdin? Yaxşı, get mətbəxə, ay tamam olan kimi səni iti qovan kimi qovacağam! Get. Həsən və Zərbəli mətbəxə gedirlər. Hüseyn (Vəliyə). Yedin, qurtardın?.. Və l i. Qurtardım. Hüseyn. Di başla görək. Vəli (öskürür). A balam, sən özünə artist deyirsən? Sən yüz il qanqal otlayasan, Mazandaranskinin bir dırnağı ola bilməzsən. Hüseyn. Sən nə anlayırsan artist nəyə deyirlər? Nə qədər eşşək zəfəranplovdan bir şey anlasa, bir elə də sən anlarsan ki, artist-tragik nədir? Və l i. Mən anlamıram? Mən özüm tragik olmadım, nə olar. Mən başımın tükü sanı artistlər görmüşəm. Sənin tək dövr-əz həzərat artistin yüzünü çaya susuz aparıb qaytararam. Mazandaranskinin müqabilində sən heç bir milçək də deyilsən. Onun Frans fon Moor rolunda atasını boğmağı sənin cəmi oynamağına dəyər. Hüseyn. Odur ki, heç zad anlamırsan da. Mən Mazandaranski tək adamla səhnəyə çıxmağı öz adıma layiq bilmirəm. Boynun ardından tutub şah damarı sıxmağa boğmaq deyərlər? Odur ki, qırx yaşın var, hələ prostaqsan. Və l i. Hirslənmək lazım deyil. Hüseyn. Necə hirslənməyim? Qanmayıb, danışıb bədənimə od qoyursan. Mazandaranski də artistdir, o da artistdir? Həsən (yaxına gəlib). A başınıza dönüm, sizə nə olub dalaşırsınız? Hüseyn. Heç bir adını artist qoyan, adamı dalda boğmaz. Adamı, bax, belə boğarlar. (Həsənin boğazından yapışıb boğur.) Həsən (qışqırır). A başına dönüm, məni niyə öldürürsən? Ay boğuldum, ay öldüm, qoymayın. (Yıxılır.) Hüseyn (Vəliyə). İndi görürsənmi, heyvan, necə boğmaq lazımdır ki, effekt olsun? Sənin Mazandaranskin mənim əlimə su tökməyə yaramaz. Həsən (ayağa qalxır). Ay canım, məni niyə öldürürsünüz, mən nə günahın sahibiyəm? Hüseyn. Bağışla, Həsən dayı. (Üzündən öpür.) Artist ki qızışdı, daha gözləri yeri-göyü görməz. Mən bu heyvan yoldaşıma səhnədə adam boğmağın qaydasını göstərirəm. Həsən. Yoldaşına teatr qaydası göstərirsən, mənim boğazımın taqsırı nədir? Bəlkə mən öləydim? Hüseyn. Ondan xatircəm ol. Artist adamı elə boğmaz ki, ölə. Mən ölüm bağışla. Elə səndən soruşacağam, Həsən dayı, heç teatra gedibsən? Həsən. Bu il azından yüz dəfə. Hüseyn. Afərin, Həsən dayı! Həsən. Elə gün olub beş dəfə getmişəm. Hüseyn. Neçə, beş dəfə? Teatra bir gündə bir dəfə gedirlər. Düşəndə bir-iki dəfə gedirlər, o da bayramda-zadda. Həsən. Mənim yerimə sən olsaydın, gündə iyirmi beş dəfə gedərdin. Allah evlərini yıxsın rus oyunçularının. Məndən qırx-əlli manatlıq yeyinti aparmışdılar, gedib-gəlməkdən təngə gəldim. Axırda bir on iki manatım da qırıldı onlarda qaldı. Dedim, atalarının əti olsun, qoy aparsınlar. Hüseyn. Bəs heç teatrın içinə girməyibsən? Həsən. Teatrın içində mənim nə işim var? Kasıb babayam, mənim teatrım elə bu aşpazxanamdır. (Gedir.) Və l i. Yoxsa öz oynamağın barəsində kababçı Həsən kimi böyük bir tənqidçinin rəyini soruşmaq istəyirdin? Afərin sənin tək tragik artistə. Hüseyn (qeyzlə). Vəli, buna namusa sataşmaq deyərlər. Artistin namusu hər namusa bənzəməz. Mən bunu qəbul eləyə bilmərəm. Gərək bu saat burada mənimlə duelə çıxasan. (Tapança çıxarır.) Bu dünyada gərək ya sən qalasan, ya mən. (Salmanla Süleymana) Qardaşlar, buraya zəhmət çəkin, siz burada bizim sekundantımız olun. (Vəliyə) Tapançanı çıxart! Salman və Süleyman durub gəlirlər. Və l i. Mənim əqidəmcə, duel haram bir əməldir. Mən harama mürtəkib ola bilmərəm. Hüseyn. Bəs onda sən qorxaq tülküsən. Tülkünü də gərək tülkü tək öldürmək. Al gəldi. (Havaya bir güllə atır.) Vəli (qışqırır). Ay müsəlmanlar, qoymayın, bu kafir məni öldürdü! Ay haray, ay aman! Həsən (cəld gəlir). A kişilər, niyə bir-birinizi qırırsınız, amandır, Allahdan qorxun, bura qan tökməyin. A gədə, Zərbəli! Zərbəli! Zərbəli. Buradayam, xozeyin! Həsən. A gədə, tez ol, qaradovoy çağır! Cəld ol! Yüyür! Zərbəli qapıya tərəf gedir, Hüseyn qabağını kəsir. Hüseyn. Qayıt geri, yoxsa iti öldürən kimi öldürərəm! Zərbəli mətbəxə qaçır. Vəli isə “ay haray, ay qoymayın”, deyə-deyə dolanır, Hüseyn onun dalınca. Axırda Vəli özünü pəncərədən çölə atır. Hüseyn. Mənim əlimdən sən heç haraya qaçıb qurtara bilməyəcəksən. (Dalınca pəncərədən atılır.) Həsən. A kişilər, görürsünüz? Heç nahaqdan bir-birini öldürüb, qanı tökəcəkdilər dükana, mən də düşəcəkdim işə. Gərək il uzunu işimi-gücümü, dükanımı unudub, divana yol döyəydim. Yaxşı oldu rədd oldular. Kəlləpaçanın da pulu cəhənnəm, tək xatalarını başımdan sovsunlar. Lap dəli imişlər ki! Bu oyunbazların əlindən nələr çəkmişəm, onu bir tək mən bilirəm. Rus oyunçularından əlli manatımın otuz səkkizini alınca anadan əmdiyim süd burnumdan gəldi. Bu müsəlman oyunbazları da onlardan qalmazlar. Bunların hamısını bir qalıbdan çıxarıblar. Qəribə də özlərinə ad qoyublar: deyirlər, biz oyunbaz deyilik, biz “arsız”ıq. Heç belə ad olmaz, arsız ki, arsız. (Gedir.) S a lma n. Süleyman, getməyək? Süleyman. Naharı elədik, tay nə oturaq, dur gedək bağa. S a lma n. Onda çağıraq aşpazı, pulunu verək. (Əlini cibinə salır.) Süleyman. Nə qayırırsan? Elə şey ola bilməz. Naharın pulu məndən çatacaq. S a lma n. Sənin canın üçün, əsla qəbul eləmərəm. Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən aramıza inciklik düşsün? Səni mən göydə axtarırdım, yerdə əlimə düşübsən. Mən ki səni bir dəfə qonaq etməyəcəyəm, nəyə lazımam? Süleyman. Bu dəfə qoy mən verim pulu. Sabah mən sənə qonaq olaram. S a lma n. Mən sənin canına and içmişəm, andımı pozsam adam olmaram. Süleyman. Xub, sözüm yoxdur, tək sənin xatirin xoş olsun, verirsən ver. Salman. Bax belə söylə ki, xoşuma gələsən. (Ciblərini axtarır.) Süleyman, bir iş var axı... Sən öləsən, heç belə yaman işə düşməmişdim... Süleyman. Nə olub? Salman. Nə olacaq, xəcalət çəkirəm deməyə, pul kisəm evdə qalıb. Süleyman. Birdibli deginən pulum yoxdur. Sən öləsən, mənim özümdə də diş qurtlamağa bir quruş tapılmaz. S a lma n. Bəs onda tədbir lazımdır. (Durub Süleymanın qulağına söz deyib əyləşir yerində.) Süleyman. Çox gözəl tədbirdir. Heç belə tədbir olmaz. (Qabı döyür.) Həsən (daxil olur). Nə buyurursunuz? Süleyman. Neçə çatacaq? (Durur ayağa.) Həsən. Dörd abbası. Süleyman əlini cibinə salır. Salman (yaxına gəlib). Heç mümkün deyil, naharın pulu məndən çatacaq. Məşədi, buraya gəl. (Həsənin qolundan tutub səhnənin o başına aparır.) Süleyman. Kişinin sözü bir olar. Demişəm nahara qonaqsan, danışma. (Gedib Həsənin qolundan tutub səhnənin o biri tərəfinə çəkir. Orada cibini qurtdalayır, guya pul çıxarmaq istəyir.) S a lma n. Süleyman, mən ölüm, bu qədim höcətliyindən əl götür. Bu nə xasiyyətdir səndə? (Gəlib Həsənin qolundan tutub o biri tərəfə aparır.) Bəri gəl. Süleyman. Deyirəm qəbul etməyəcəm, inan! Yoxsa aramızda həqiqət, inciklik olar. (Həsənin qolundan tutub o başa aparır.) Buraya gəl! Həsən. A başınıza dönüm, bunun maliyyəti dörd abbasıdır. Hansınız verirsiniz verin, daha məni niyə çaqqal sürütməsi eləyirsiniz? Salman (Həsənə). Məşədi, biz iki dostuq, neçə ildir bir-birimizdən ayrılmışıq. Heç sən də razı olmaginən ki, dörd abbasının üstündə bizim davamız düşsün. Həsən. Allah eləməsin, dörd abbası nə artıq şeydir ki, onun üstündə bir dava da salasınız. Hər biriniz iki abbası verin, qurtarsın getsin. S a lma n. O da olmayacaq. Sən gəl bir şeyi qəbul elə. Biz dəsmalla sənin gözlərini bağlayaq. Hansımızı tutsan, pulu o versin. Həsən. Nə deyirəm, təki sizin aranızda inciklik düşməsin. Həsə nin kəmərindən dəsmalını alıb gözlərini bağlayırlar, sonra qaçırlar. Həsən iki qollarını açıb axtarır. Bu halda Zərbəli mətbəxdən çıxıb Həsənə tərəf gəlir. Həsən (Zərbəlini qucaqlayır). Aha, yaxşı tutmuşam. (Dəsmalı gözündən götürüb, Zərbəlinin başına qapaz vurur). Sən nə əlayağa dolaşırsan, nadürüst məlun! Yolla düz gedə bilmirsən? Yə! (Mat-məhbut o yan-bu yana baxır). * * * Xəyalat Mirzə Fətəli Axundovun təvəllüdünün yüz illik yubileyi münasibətilə yazılmış Bir məclisdə Əşxas MirzəFətəliAxundov Rəşid – onun oğlu Kitabpaylayanşəxs Hatəmxanağa – mülkədar, qarabağlı HacıQara – sövdagər DərvişMəstəlişah – cadugəri-məşhur MollaİbrahimXəlil – kimyagər Nökər – Mirzə Fətəlinin evində Əhvalat vaqe olur Tiflisdə, Mirzə Fətəlinin evində. Mirzə Fətəli əyləşib yazıstolunun dalında. Daxil olur kitabpaylayan şəxs. Mi rzəFətəli. Hə, nə xəbərlə gəldin? Kitabların hamısını paylaya bildinmi? Kitabpaylayan. Nə ərz edim? Elə payladım ki, paylamasaydım ondan yaxşı olardı. Mi rzəFətəli. Necə? Kitabpaylayan. Bir müsəlman kitaba yaxın düşmədi. Hər kəsə verdim, dedi... Mi rzəFətəli. Nə dedi? Kitabpaylayan. Deyə bilmirəm. Qorxuram ovqatınız təlx ola. Mi rzəFətəli. Sən deməmiş də mən özüm anlayıram. Deyiblər, at o yana kafirin kitabını! Belədirmi? Kitabpaylayan. Bəli! Deyirlər kitab oxumaq istəsək, o qədər lazımlı kitablar var ki, üstünü toz basa-basa qalıb bu şkaflarda. Oturub hər qaravəllini oxusaq, gərək adımızı dəli qoyaq. Hətta bir bəy var idi, dedi: “Mən Mirzə Fətəlini yaxşı tanıyıram, özü ilə da qədimdən aşnalığım var. Ona deginən ki, o bir ağıllı adam sayılır, eyib deyilmi ki, belə cəfəngiyata qələmini sərf edib, özünü aləm içində rüsvay edir” Bu halda bir hacı üzünü camaata tutub dedi: “Camaat, qaçın bu kitablardan. Əgər bunlar mənfəətli kitablar olsaydı, camaata müftə paylamazdılar. Yəqin Mirzə Fətəli, necə ki, özü laməzhəb olub, Allahın yolundan çıxıb, elə də istəyir camaatı laməzhəb etsin”. Xülasə, bir nəfər kitablara yaxın düşmədi. Mi rzəFətəli. Bəs kitablar necə oldu? Kitabpaylayan. Sabahı günü camaat kitabların üstünə bir halətlə töküldü ki, özüm də təəccüb etdim: dedim, aya, bir gecədə bu təğyir bunlarda haradan əmələ gəldi? Sonra eşitdim ki, bir mollanın təhkirinə görə gəlib, məndən kitabları alıb aparıb odlayıblar və bir qədərini də biri bir manatdan ermənilərə satıblar. Heyf olsun sizin zəhmətiniz, səyiniz. Mi rzəFətəli. Eybi yoxdur. Anlayana nəsihət etmək ağılsızlığa dəlalət edər. Nəsihəti avama, qanmayana edərlər. Avam əvvəl sənin nəsihətini anlamayacaq, sənə əziyyət edəcək, föhş verəcək. Hamısına mütəhəmmil olmalı. Bizdən qabaq da kişilər gəliblər və millət yolunda çalışıbdırlar. Onları nə müsibətlərə düçar ediblər? Öldürüblər, oda atıblar, kitablarını mənim kitablarım kimi odlayıblar. İllər keçib, zəmanələr dolanıb, o şəxslərin əkdikləri toxumlar bar verib. İndi onların qəbirləri ziyarətgah olubdur. Vaxt olar mənim də toxumlarım bar verər. Mən bəlkə o günləri görməyim. Amma oğlum, nəvələrim də görsələr mənə hesabdır. Camaatın avamlığına baxma, mən səpdiyim toxum qabil torpağa səpilib. Mən millətimin gələcəyinə və xoşbəxt günlərinə xatircəməm və bu xəyalla da ölüb gedəcəyəm. Hər bir qaranlığın axırı işıqdır və mənim millətim də yəqinİmdir ki, zülmətiəbədi içində deyil, onun da bir ışıqlı günləri var. O vədə öz babalarının əməllərindən xəcalət çəkib, xeyirxahları ilə bədxahlarını, əlbəttə, tanıyacaqlar. Arzu edərdim ki, mənim tək təkfir olanların qədəri çox olaydı, bəlkə millətin işıqlı günü tez gələydi. (Kitabpaylayana) Zəhmət çəkibsən, yorulubsan, get rahat ol. Kitabpaylayan. Mirzə, mənim zəhmətlərim sizin zəhmətlərinizin yüzdən biri ola bilməz. Millət yolunda zəhmət çəkmək böyük rahatlıq deyilmi? Mirzə Fətəli. Kaş hamı belə anlayaydı! Nə olardı, bizim də sair millətlər tək hər şəhərdə üç-dörd qanan, oxumuş adamlarımız olaydı ki, avama tərbiyə verib tərəqqi yolları göstərəydilər. Bu əyyamda şəhər camaatının ümidgahları axundlar və hacılardır. Kənd əhalisinin ümidgahı bəylərdir. Bunların heç birisi millət üçün çalışmır. Hamısı öz cibləri üçün zəhmət çəkirlər. Utanmırlar, həya eləmirlər, dindirəndə bir məsəl də çəkirlər, deyirlər: “El üçün ağlayan gözsüz qalar”. Heç kəs onlara demir ki, ağlayın el üçün, ağlayın millət üçün, qoyun gözləriniz kor olsun. O qədər ağlayın, canınız çıxınca və bilin ki, sizin millət yolunda kor olan gözləriniz, ağlamayan gözlərin hamısından yaxşıdır! Namərdlər, namərdlər!.. Gözlü ikən korlar!.. Diri ikən ölmüşlər!.. (Kitabpaylayana) Get rahat ol! Kitabpaylayan gedir. Rəşid – on beş yaşında uşaq, rəngi qaçmış daxil olur. Mirzə Fətəli (Rəşidə). Bala, rəngin niyə qaçıb? Rəşid. Ata, yola çıxıram, camaat məni rahat qoymur. Şkolaya gedib gəlincə iki min pis-pis sözlər deyirlər. Deyirlər ki, Mirzə Fətəlinin oğludur, bunun atası bütün müsəlmanların kişilərini, övrətlərini həcv edib. Onun evini dağıdıb, özünü də öldürəcəyik. Bir uşaq da dalımca bir daş atdı, dəysə idi, ölmüşdüm. Yaxşı ki, dəymədi. Ata, bəlkə gəldilər bizi qırdılar? Mi rzəFətəli. Qorxma, bala, heç kəs bizi öldürə bilməz. Sənin atan camaata haqq yolu göstərir. Böyüyüb təvarixdə də görərsən ki, haqq danışanlara nə əziyyətlər ediblər. Nə eybi var, qoy bizə də əziyyət etsinlər. Bir vaxt olar bu yaman danışan adamların övladları mənim zəhmətlərimə qiymət verərlər. Get ananın yanına, naharını elə. Rəşid gedir. Nökər (daxil olur). Ağa, Hatəmxan ağa, budur, çox hirsli gəlir. Mi rzəFətəli. Qoy gəlsin. Nökər çıxır. Hatəmxanağa (daxil olur). Çox sağ ol, mirzə! Çox sağ ol! Biz həmişə fəxr edərdik ki, müsəlmandan da bir nəfər çıxıbdır ki, bu mənsəbə çatıb, sərdara dilmanc olub. Sən də belə? A kişi, sənin atan bir mömin, müqəddəs molla idi. Heç utanmırsan, ata-babanın yolunu itirirsən? Mi rzəFətəli. Qızışma, Hatəmxan ağa! Bircə əyləş, görüm nə deyirsən? Hatəmxanağa. Əyləşməyəcəyəm. Gedirəm, elə bir neçə söz deməliyəm. Mi rzəFətəli. Buyur görək nə deyəcəksən? Hatəmxanağa. Cəmi aləm bilir ki, sən müsəlmanlıqdan çıxıbsan. Oruc bilməzsən, namaz bilməzsən, özün də rus qaydası ilə dolanırsan.Bu sənin öz işİndir, özün bilərsən və Allahına da qiyamətdə özün cavab verərsən. Bircə de görüm sair camaatdan nə istəyirsən? Sənsiz də elə camaat Allah yolunu itirib. Elə biri mənim özüm. Bir nəfər çör-çöp yığan kafir firəngi neçə vaxt evimdə saxlamışam. Evimeşiyim olub murdar. Qab-qacağım hamısı səgdəm. Dahı bundan artıq məndən nə istəyirsən? Yoxsa xahiş edirsən ki, bu ağsaqqal vaxtımda övrətin başından yaylığını alım, buraxım küçələrə? Və ya qolunu qoluma keçirib aparım o Müctəhid bağıdır, nə dağılmışdır, orada ona rusun çayını, qəhvəsini içirdim? Və ya bu ki, mən də qardaşım oğlu Şahbaz tək başımın tükünü uzadıb, iki yana darayım? Zəhmət çəkmə, mirzə! Zəhmət çəkmə! Mən heç vaxt ayağıma çəkmə geyib, küçələrin palçığını evimə gətirmərəm. Heç vaxt hənadan, rəngdən əl çəkmərəm. Yüz sənin tək Mirzə Fətəli gələ, mən bu gözəl əllərimi qoyub qaşıqla xörək yemərəm. Mən dəli deyiləm dörd ağacı bir-birinə calayıb adını kürsü qoyub, Məhərrəm bəyin qırğısı tək üstünə qonam. Ayıbdır, əzizim, özün, yenə deyirəm, hər nə bilirsən elə. Daha müsəlmanların əməllərinə toxunma. Bunun axırı xeyir nəticə verməz. Axırda rüsvayi-cahan olarsan. Mi rzə Fə təli. Hatəmxan ağa! Mən əlimə qələm alanda rüsvayicahan olmağı, təkfiri, föhşü, hətta ölümü qəbul etmişəm. Hər nə deyəcəksən de. Hamısı qəbulumdur və nə səbəbə də qəbul etmişəm, onu sən anlamazsan. Ancaq bir vaxt olar, sənin oğlun və nəvən anlar. Sən mənə söyürsən, amma sənin oğlun və qəvən mənə rəhmət oxuyacaqlar, yəqin bil. Hatəmxanağa. Mənim oğlum? Mənim nəvəm? Səhv etmə! Mənim oğlum mənim belimdən əmələ gəlib. Mənim oğlum gədafərzənddən doğulmayıbdır! (Qeyzli) Əgər mənim oğlum mən tutduğum yoldan bir qədəm kənara qoya, mənə Allah lənət etsin əgər ona nifrət edib, onu oğulluqdan çıxartmasam. Elə oğlu Allah gərək qiyamətdə donuz sifətində gətirsin. Hələ bunlar hamısı bir kənara, sən mənim özümü məsxərəyə qoyubsan, bu heç, bu övrət-uşaqla nə işin var? Sən özün hərçənd müsəlmanlıqdan kənar bir adamsan, amma yenə nə qədər olsa, sənin qanın müsəlman qanıdır. Heç sənə müsəlmanın ismətinə toxunmaq yaraşarmı? Qardaş, niyə mənim övrətimin, qızımın adını camaat bilsin? Eyib olsun sənin üçün, çox eyib olsun! Mi rzəFətəli. Haqqın var, Hatəmxan ağa, sənin də cəmi sənə oxşayanların da haqları var. Mən sinəmi sizin nasəza sözlərinizə sipər eləmişəm. Hatəmxanağa. Bunlar hamısı heç bir şey deyil, məgərinki ədavət. Əlbəttə, gəda oğlu gəlib bir mənsəb sahibi olanda, bizim tək nəcib bəyləri bəyənməz. Eybi yoxdur, mən də gedərəm cəmi Qarabağın bəylərini yığaram bu yerə, deyərəm: “Ay bəylər, bir nəfər şəkili mollasının oğlu gedib oturub Tiflisdə, hamı biz bəylərdə sataşmamış yer qoymadı. Özümüzü məsxərə edib, övrət-uşaqlarımızı məsxərə edib, dolanacağımıza sataşır, dinimizə, məzhəbimizə əl atır, gərək bu... Əstəğfürullah, yenə ağzıma gələni demişdim... Gərək onun ağzı yumulsun. Onda görərsən başına nə oyun açarlar. (Ayağa durur.) Çiyninə bir qatma bağlayıbsan, elə bilirsən ki, heç kəsin sənə əli çatmaz? Səndən sərdarın xud özünə elə bir möhkəm donos verdirim ki, səni birbaş Sibirə itirsinlər. (Gedə-gedə) Biz bəylərin əlinin zərbini sınayarsan, sonra sakit olarsan! M ir zəFətəli. Get, get sahibi-ixtiyarsan. (Çağırır.) Ay gədə, ağanın başmaqlarını cüt edin. Hatəmxan ağa gedir. Mirzə Fətəli qayıdıb özünü kürsünün üstünə yıxır, iki əli ilə başını tutub dirsəklərini bərk stola çırpır. Nökər (daxil olur). Ağa, bir kişi gəlib, sizi görmək istəyir. Deyir Ağcabədidən gəlmişəm, adım da Hacı Qaradır. Mi rzəFətəli. Çağır gəlsin içəri. Nökər çıxır. Hacı Qara (daxil olur). Salaməleyküm! Mi rzəFətəli. Əleykəssalam. Hacı, buyur görək səndə nə xəbər var. Yəqin mənimlə dalaşmağa gəlibsən, belədirmi? Hacı Qara. Nə buyurursan, mirzə, mənim nə həddim var səninlə dalaşam? Amma sənə şikayətim var. Mi rzəFətəli. Kimdən? Hacı Qara. Sənin özündən. Mi rzəFətəli. Mənim özümdən mənə şikayət? Hacı Qara. Bəli! Mi rzəFətəli. Necə yəni? Hacı Qara. Mirzə, bizim qədim haqq-salamımız var və özümüz də çoxdanın müştərisiyik. Neçə dəfə gəlib məndən mal alıbsan. Heç bir dəfə səni aldatmışam? Getdiyim Beytə and olsun, sənə həmişə malın arşınını özgələrdən yarım qəpik aşağı vermişəm. Axır mənim taqsırım nədir ki, sən məni belə məsxərəyə qoyursan? Pulu batan mən, malı tutulan mən, evi yıxılan mən, bəs məsxərədə olan da mən?.. Nə eləyim, a sənə Qurban olum? Rus malı alıram solğun çıxır, qızılbaş malı alıram çürük çıxır. Mal gərək müştərigir olsun. Odur, dükanı doldurmuşam, bir nəfər malın üzünə də baxmır. Guya ələtdən qayırılanların sovxasıdır. Əlacım kəsildi, tamah zor elədi, dedim bu bəylərlə gedərəm Təbrizə, bir qədər firəng malı gətirrəm, bəlkə zərərim çıxa. O da belə getdi. Həm pulum əlimdən getdi, həm özüm rüsvay oldum. Mi rzəFətəli. Bilirsən, Hacı, sən bir ağlı başında kişisən. Özün görürsən ki, xatalı yola gedənin başına nə bəlalar gəlir. O səbəbə mən də sənin keyfiyyətini kitabımda yazmışam ki, xalq oxuyub ibrət edib, halal alışverişi qoyub haramın dalınca getməsin. Hacı Qara. Qələt elərəm, tövbə, tövbə, tövbə! Qurbanın olum, getdim saqqal gətirməyə, bığı da qoydum gəldim. Hər bəydə yüz tümənim batdı. Malım tutuldu, özüm Arazdan keçəndə yıxıldım suya. Bir az qalmışdı batam, öləm. İndi qalmışam ac, əli qoynunda. Mirzə, bir təvəqqem var səndən. Sən bir böyük adamsan, gör bir tövr edə bilərsənmi ki, mənim malımı özümə qaytarsınlar. Mi rzəFətəli. Baş üstə, sizin murov mənimlə aşnadır. Ona yazaram, səy eləsin, sənin malını da özünə qayıtsın və bəylərdən də bir tövr sənin pulunu alıb versin. Hacı Qara. Onda canımı sənə Qurban edərəm. Allah səni müsəlmanlara çox görməsin. Allah oğlunu saxlasın! Mürəxxəs olum. Mi rzəFətəli. Xoş gəldin, Hacı! Bir neçə gündən sonra bir buraya gəl. Hacı Qara. Baş üstə. (Gedir.) Mi rzəFətəli. Get, get... Ehtiyacın olmasa, əvvəl təkfir edən sən olarsan. Dərviş Məstəlişah (qəzəbnak daxil olur). Ya hu, ya həqq!.. (Nacağını yerə vurur.) Sənsən biz Dərviş sinfini məsxərə edən? Sənsən caduya, sehrə şəkk gətirən? Sənsən cəmi əcinnə taifəsinin mənim itaətimdə olmağını inkar edən? Sənsən mənim Parisi dağıtmağıma inanmayan? Mi rzəFətəli. Nə qışqırırsan, nə istəyirsən? Dərviş Məstəlişah. Heç bir şey! Mənim buraya gəlməkdən muradım sənə öz qüvvətimi sübut etməkdir. Mən sənin bu evini başına uçurdaram, o vədə ağlın başına gələr və inanarsan ki, Parisi də uçurmuşam! Mən bu saat elə burada, bu otağın içində bir dairə çəkib əyləşərəm o dairədə, başlaram şah nəfiri çalmağa. Onda görərsən ki, necə sənin evin tar-mar olub başına uçar. Mi rzəFətəli. Səbr et, ağa Dərviş, səbr et! Mən sənin barəndə səhv etmişəm və kitabımda da səndən yazmağıma peşman olmuşam. Mən bilirdim və etiqadım da bunadır ki, nə qədər siz Dərvişlər və sizing əmsalınız və həmməsləkiniz dünya üzündə mövcudsunuz, nəinki mənim evim, cəmi islam aləmi paymaldır. Doğru deyirsən, hələlikdə sizing qüvvətiniz çox böyükdür və sübutuna da ehtiyac yoxdur. Təvəqqe edirəm buradan gedəsən və məni əfv edəsən. Dərviş Məstəlişah. Belə ki yalvaracaqsan, bəs nə üçün hər hədyanı yazırsan? Bundan sonra adamını tanı! Mirzə Fətəli (çağırır). A gədə. (Nökər daxil olur.) Dərvişi yola sal, getsin. Nökər. Baba D ə r v i ş, buyur. Dərviş Məstəli şah (Mirzə Fətəliyə). Əməlindən peşman olmasaydın, görərdin gününü. (Gedir.) Nökər (Dərvişi yola salıb qayıdır). Ağa! Kimyagər Molla İbrahim Xəlil çoxlu adamla gəlib, istəyir zorla içəri girsin. Nə buyurursan? Mirzə Fətəli. Burax içəri. Nökər çıxır. Molla İbrahim Xəlil (daxil olur). Bəh, bəh, bəh!.. Yaxşı igidin adını eşit, üzünü görmə! Bu sifətdə adamdan məgər ondan artıq əməl baş verəcək?! Bir şəxsin ki, sifətində əsla müsəlmanlıq nişanəsi olmaya, ondan nə gözləmək olar? Mi rzəFətəli. Sözünü buyur, dibaçə lazım deyil. Molla İbrahim Xəlil. Bir de görüm, sənin Allahdan, dindən, imamdan, müsəlmanlıqdan xəbərin varmı? Mi rzəFətəli. Təvəqqe edirəm müxtəsər edəsən. Molla İbrahim Xəlil. Buyur görək sən nə haqla elmi-kimyanı danıb, biz kimyagərləri məsxərə edirsən? Bir elm ki həzrəti Süleyman əleyhissəlamdan qala, onu danmaqmı olar? Məgər sən Xacə Nəsiri- Tusinin elmi-kimyada ictihad yetirdiyini və başqasının çərməkisini qızıl etdiyini oxumayıbsan? Və yainki sən Şeyx Bəhaini danacaqsan? Ya Mir Damadı inkar edəcəksən? Həkim Mir Fenderskidənmi xəbərin yoxdur? Ya risaleyi-Cabir Ənsarini oxumayıbsan? Bunlar keçəndən sonra, məgər mənə bu Tiflisdən verilən kimyagərlik şəhadətnaməsindən xəbərin yoxdur? Kim deyə bilər ki, neçə şahidin yanında Əylis ermənilərinin gəlib məndən əlli pud xalis gümüş apardıqları yalandır? Bunları götürüb məsxərə edincə, nə olardı ki, öz həmşəhrin Şeyx Səlahı çağırıb soruşaydın ki, gözü gördüyünü sənə söyləyə idi? Sən peyğəmbərlərdən qalan elmi danırsan. Ona görə sən layiqi-təkfirsən! Budur, qapıda minlərcə adamlar hazırdırlar. Əgər çıxıb onların gözünün qabağında tövbə eləməyəsən, mən səni təkfir eləyəcəyəm və bilginən ki, ondan sonra dünyada tək qalacaqsan. Bir nəfər sənə salam verməyəcək, bir nəfər sənin xeyir-şərrinə gəlməyəcək və öləndə də bir molla sənin namazını qılmayacaq. Mirzə Fətəli. Ağa! Sən kimi aldatmaq istəyirsən? Sən get Xaçmaz dağlarında Nuxu bəylərini aldat, pullarını al. Kimya nədir? Mən elmikimyaya qailəm, nəinki daşın dönüb qızıl olmağına. Get, nə edəcəksən et. (Stolun üstündən bir dəstə kağız götürür.) Budur bax, Gəncədən təkfir, Nuxadan nifrin, Qarabağdan danos, Bakıdan təlin, Şirvandan həcv, Dərbənddən föhş! Get sən də təkfir et, qəbulumdur. Molla İbrahim Xəlil. Görərsən axırını, görərsən! (Çıxır, çöldən səsi gəlir! “Camaat! Bilin və agah olun ki, Mirzə Fətəli öz kafirliyini iqrar etdi”.) Çöldənsəslər. Kafirdir, kafirdir, kafirdir!.. Rəşid (qorxmuş daxil olur). Ata! Bu camaat niyə küyləşir? Yoxsa bizi öldürəcəklər?! Mirzə Fətəli. Qorxma bala, heç kəs bizi öldürməz. (Öz-özünə) Hamı məndən üz döndərib və buna da səbəb mənim həqq yazmağım, həqq danışmağım və camaatın eybini açıq üzünə deməyim. Həqq acı isə də meyvəsi şirin olar! Bəli, İndi mən təkəm və bu təkliyimə də fəxr edirəm. Nökər (daxil olub teleqram gətirir). Ağa! Bakıdan gəlib. Mirzə Fətəli (açıb oxuyur). “Bu saat burada, klubun zalında realnı məktəbinin şagirdlərinin iştirakı ilə sizin “Mərdi-xəsis” adlı komediyanız oynandı. Məktəb şagirdləri Nəcəf Vəzirov, Əsgər Adıgözəlov öz vəzifələrini layiqincə ifa etdilər. Cəm olan əşxasın təvəqqenə görə bu teleqramı sizə göndərib, sizin təsnifatınızın əvvəl səhneyi-tamaşaya qədəm qoymağını ürəkdən təbrik edirəm. Həsən bəy Məlikov”. (Rəşidə) Eşitdinmi, oğlum? Daha mənim qəmim yoxdur. Çox şükür olsun Allahıma ki, əkdiyim toxum öz sağlığımda bar verdi. Dünyada çox yaşamağa ümidim yox idi. Çünki bir yandan qocalıq, bir yandan zülmət içində qalmış camaatın dərdi məni əldən salıb. Amma bu teleqram mənim ömrümü on il artırdı. Şükür olsun Allaha. * * * Qırmızı qarı Bir pərdədə (xəyalı) İştirak edənlər QırmızıqarıBirinciqarovulçu Padşahİkinciqarovulçu VəzirRəqqasələr BargahəmələsiQırmızıəsgərlər Kəniz Padşahın qəbul otağı. Müqabilində, qapının hər tərəfində bir qarovulçu,əlində nizə, dayanıb. Taxtın dalından Qırmızı qarı çıxıb, taxtın üstündə əyləşir. Birinciqarovulçu. Taxta əyləşəni görürmüsən? İkinciqarovulçu. Elə bu şəhərdə əhvalatı söylənilən Qırmızı qarı deyilmi? Bu dəqiqə nizəni onun ürəyinə soxacağam. Gözəl fürsətdir. Padşahdan ziqiymət ənam alaram. (Hücum edir.) Ey ifritə, nə vaxtadək sən bu camaatı narahat edəcəksən?! Al nizəni! (İstəyir vursun, qarı əli ilə işarə edir, qarovulçunun əlindən nizə düşür. Qarı qalxıb ahəstə orta qapıdan çıxır. Qarovulçu dalınca baxır.) Birinciqarovulçu (ikinciyə). Mən səni belə qorxaq bilməzdim. Mən bu saat onu öldürərəm. (Qarının dalınca çölə çıxır, məyus geri qayıdır.) Yoxdur, bilmirəm yerə batdı, yainki göyə çıxdı? Nə vaxtadək belə böyük bir hökumət bu qoca qarının əlində aciz qalacaq? Ayaq səsi gəlir, qarovulçular cəld özlərini düzəldirlər. Üzlərini tuturlar qapıya.Qabaqda vəzir, dalınca bargah əmələsi daxil olurlar. Və zir. Siz çoxdanmı buradasınız? Birinciqarovulçu. Bir saatdan artıqdır. Və zir. Otağa kənar adam girməyibdir ki? İkinciqarovulçu. Otaqda heç kəs yox idi. Qəflətən padşahın taxtı üstündə qırımızı libasda bir qarı göründü. Hücum etdik öldürməyə, gözümüzdən qeyb oldu. Və zir. Bu ifritə neçə vaxtdır ki, şəhərin o yan-bu yanlarında görünməkdədir. Yəqin böyük bir hadisə əmələ gətirəcəkdir. Bargahəmələsi. Üç ildir ki, görünməyirdi. Hamı onu ölmüş hesab edirdi. Nə hadisə eləmiş ola bilər? Padşahın canı səlamət, məmləkətdə əminasayiş. Vətən və padşah bədxahları hamısı dəstigir, möhkəm zəncirlərə vurulub. Kənar məmləkətlərdən heç bir afət gözlənmir. Nə ola bilər? Və zir. Beş il bundan qabaq gecələr Qırmızı qarı bargahın qabağında görünürdü. Az çəkmədi ki padşahın ən sevimli arvadı ficətən vəfat etdi. Iki il ondan sonra yenə qarını gecə vaxtı topxana meydanında görüblər. Sübh vəliəhdin şikarda atdan yıxılıb öldüyünün xəbərini gətirdilər. O vaxtdan qarı yox olmuş idi. İmdi yenə gəlib, padşahın bütün halını mütəğəyyir edib. Padşah (daxil olur). Ox!.. O məlun yenə şəhərin küçə və eydanlarında peyda olur. Kİmdir məni onun şərindən xilas etsin? Rəqqasələr oynayır. Və zir. Qibleyi-aləm. Ona heç bir silah kar etməyir. Güllə vururlar, öldürməyir. Xəncər ətini kəsməyir. Hətta bir az vaxt bundan əqdəm qarovulçular qarını həmçinin bu otaqda, sizin taxtınızın üstündə əyləşmiş görüblər. Qarovulçular öldürmək üçün üstünə hücum ediblər, nəhayət, qarı gözdən qayıb olubdur. Padşah. Mənim taxtımın üstündə əyləşmiş görüblər?! Bu təzə xəbərdir. Və zir. Padşahım, ehtiyat ediniz. Padşah. Nə ehtiyat edəcəyəm? Ancaq onu yenə görünməyi oğlumun və övrətimin ölümünü yadıma salıbdır. Halımı pis edir. Neçə gündür ki, qarı şəhərdə görünür? Və zir. Ilk dəfə, cümə günü məscidin minarəsinin birində azan çəkilən vaxt, qarı minarənin üstündə görünübdür. Neçə nəfər fərraş minarənin ayağında onun düşməyinə müntəzir olublar. Oradan qarı düşməyib, minarədən qeyb olubdur. Padşah. Yox, bu nümayişlər mənim xoşuma gəlməyir, əlac lazımdır. Ələlxüsus da mənim taxtımda görünmüş. Daha harada görünübdür? Vəzir. Bir də kəniz nəql edirdi, caharşənbə günü axşam, sizin yatacaq otağınızda görüb. Nə qədər səslənibdir, qarı cavab verməyib. Padşah (hiddətlə). Mənim yatacaq otağımda! Bu saat sən kənizi bura çağır. (Fikir edir.) Mənim yatacaq otağımda?! Və zir. Qibleyi-aləm, təşvişə heç bir səbəb yoxdur. Şükür olsun Allaha, canınız səlamət, hamı məxluq dəstgir. Şəhərlərin izhariübudiyyət xəbərini hər gün eşidirik. Bütün məmləkət sizin ömrünüzə dua göndərirlər. Qorxu heç yerdən ola bilməz. Kəniz daxil olur. Padşah (kənizə). Qarını necə gördün,söylə. Kəniz (dizi üstə çökür). Padşahım, çaharşənbə günü, azan vaxtı rəxtxab düzəltmək üçün sizin yatacaq otağınıza getmişdim. Qapını açan tək gördüm Qırmızı qarı çarpayının başı tərəfində durub, əyilibqalxmaqdadır. Onu görəndə dizlərimə titrətmə düşdü. İstədim qışqıram, qarı mənə bir nəzər ilə baxdı ki, qorxudan nəfəsim tutuldu. Səs çıxara bilmədim. Nazik bir səs ilə xəbər aldım: sən kimsən, burada nə iş görürsən? Mənə heç bir cavab verməyib, otaqdan çıxdı. Dalınca mən də çıxdım eşiyə. Gördüm ki, yoxdur. Dübarə otağa qayıdıb, çarpayının üstündən bir parça zəncir tapdım. (Göstərir.) Padşah. Buraya ver zənciri. (Alıb baxır.) Özüdür, özü! (Kənizə) Dur ayağa mürəxxəssən, gedə bilərsən. (Baş əyib gedir.) Ax, vəzir, çaharşənbə günündən bəri bu zəncir parçası mənə rahatlıq verməyir. Bir qədər gözümə yuxu gedən tək bu zəncir parçası vaqiədə həmin Qırmızı qarının əlində başımın üstündə zınqıldayan görüb həmin dəqiqə hövlnak yuxudan oyandım. Və zir. Qibleyi-aləm, qarının vahiməsi əbəs yerə camaatın ürəyinə düşüb, hamını qara basıbdır. Qarının nə həddi var sizin yatacaq otağınıza girsin və hətta gəlib taxtınızın üzərində əyləşsin?! Padşah. Mənə təsəllimi verirsən? Bəs bu zəncir parçasına nə deyirsən? Bunun mənasını bilmirsən, vəzir? Qarı bu zənciri qoymaqda xəbər verir ki, cəmi zəncirə tutulanların intiqamını səndən alacağam. (Birdən) Mənim dilimdən əmr ver. Məmləkətin hər bir şəhərinə, qəsəbəsinə və kəndinə casuslar göndərsinlər. Hər bir yerdə zərrəcə inqilab nişanəsi görünsə, onun kökünü kəssinlər. (Fikir edir.) Və zir. Qibleyi-aləm, rəiyyətdə üsyan yoxdur. Üsyançılar hər nə var, ərz etdim ki, tutulub. On yeddi kənd top atəşi ilə Yer üzündən süpürülüb, həbsxanalar üsyançılar ilə doludur. Hamısının boyunlarına zəncirlər vurulub, hərəkət etməyə halətləri yoxdur. Padşah. Dayan! Yenə zəncir dedin, zəncir yadıma düşdü, kifayətdir, deyirsən əmniyyətdir? Və zir. Bəli, Qurban. Padşah. Çox gözəl, inanıram sözünə, amma gərək hər təhər olsa Qırmızı qarının dəfi üçün çarə etmək. Nə qədər bu ifritə sağdır, mən rahat olmayacağam. Və zir. Qibleyi-aləm, bu qarı bir sahirədir. Məmləkətin sahirlərini buraya cəm edərəm. Yəqin onun şərrinin dəfi üçün bir əlac tapılar. Siz, qibleyi-aləm, qara fikriləri başınızdan kənar ediniz. Məşğələnizi bir neçə gün eyş-işrətə verin. İnşallah tezliklə sahirlərin qüvvəsi ilə qarı yox olar. Padşah. Gözəl məsləhətdir, əmr ver hərəmxanada olan rəqqasələr buraya cəm olsunlar. Vəzir çıxır, padşah zəncir parçasını alıb baxır. Bu halda Qırmızı qarı qapının ağzında peyda olur. Padşah. Sənsən bu dünyanı qarışdİran məlun! (Qılıncı çəkib, yüyürür qarının üstünə.) Al, məlun! Qarı (əli ilə işarə edir). Dayan, nə sənin və nə də sən tək dünyadakı padşahların qılıncı mənə yara vura bilməz. Mən qırmızı tufan elçisiyəm. O tufan bu saatda Yer üzündə əsməkdədir. Onun qarşısında padşahlar taxtı davam gətirməyib, birbəbir sərnigun olmuşlar. İndi də qırmızı tufan sənin bargahına yaxınlaşmaqdadır. Bu gün, gün batanda sən də gün ilə batacaqsan! (Qarı gedir. Padşah onun dalınca çıxır, məyus qayıdır yerində əyləşir. Rəqqasələr daxil olurlar.) Padşah. Siz gərək bu gün məni lazımınca özünüzdən razı edəsiniz. Xələtin hesabı olmayacaqdır. Xəzinənin ağzını açıb cəmi dövlətimi qara fikirləri başımdan çıxaranlara verəcəyəm. Di başlayın. Rəqqasələr oynayırlar. Vəzir (daxil olur). Qibleyi-aləm, məmləkət əldən getdi. Hər bir yerdən bu saatda xəbər gəlibdir ki, qırmızı tufan məmləkəti bürüyübdür. Tufanın qabağında bir nəfər oğlan, özü də qırmızı libasda! Ağ atın ayaqları yerə dəyməyir və qabağında heç bir qüvvə davam gətirməyir. Məmanət göstərən də förən yanıb, puç olur. Zəncirlər özü özbaşına qırılıb yerə tökülür. Hər bir yerdə rəiyyət və qoşun onun tərəfinə keçirlər. Tufan bürüyübdür, təbdir lazımdır, tədbir. Padşah. Əmr ver şəhər darvazalarını, bargahın qapılarını və pəncərələrini möhkəm bağlasınlar. Qarovullar öz yerlərində dayansınlar. Vay o adamın halına səhlənkarlıq edə! (Vəzir gedir, rəqqasələri) Dayanmayınız! Bir növ rəqs ediniz ki, ayaqlarınızı qoyduğunuz yerlər lərzəyə gəlsin! (Musiqi çalınır. Rəqqasələr oynayırlar.) Habelə, qoçaqlarım, habelə, iyidlərim. (Bu vaxt ətraf qızarır, ildırım çaxır, gurultu səhnəni tutur, pərdə düşənə qədər gurultu səsi kəsilməyir.) Ax! Qırmızı tufan bargahı bürüdü. Eybi yoxdur, qapılar bağlıdır. Qarovullar yerlərindədirlər. Heç kəsin əli mənə çatmaz! Mən hamıdan qüvvətliyəm, qüvvətli! Ax, yenə bu zəncir səsi gəlir! Nə yaman halətdir! Çalın, oynayın, mən sizinlə oynayacağam! (Rəqqasələr qarışıb oynayırlar.) Gözəl aləmdir! Əcəb aləmdir! Oynayırlar. Padşah bihalət yıxılıb ölür. Qapılar özbaşına açılır. Qabaqca iki cərgə əsgər daxil olub dururlar. Onların dalınca bir nəfər qırmızı libaslı oğlan əlində bayraq qapının arasından daxil olur. Qırmızı Qarı (küncdən çıxır). Qırmızı tufan bu məmləkəti də aldı! İndi daha mənim burada vəzifəm bitdi. Bu məmləkətdən mən İndi başqa məmləkətə gedirəm. Bu cavan nəinki tək bu padşahın, cəmi dünya padşahlarının qənimidir. Onun ismi cavan və insaniyyətdir! (Qarı gedir.) * * * Padşahın məhəbbəti Bir məclisdə Əşxas PadşahSəid ÖvrətiTəlxək VəzirQulam Tacül - üləma Vaqe olur şahın sarayında. Padşah və övrəti. Övrət. Əzizim, əbəs yerə nə olub özünü bu hala salıbsan? Budur, tamam iki həftədir ki, sənin rahatlığın yoxdur. Gecələr gözünə yuxu getmir, hökumət işlərini bilmərrə buraxıbsan. Sən bu vaxtında məhəbbətdən dəm vurursan. Bu məgər padşaha yaraşan sifətdir ki, bir gədanın övrətinə aşiq olub, dərdindən özünü çürüdə-çürüdə yuxunu, çörəyini özünə haram edə? Padşah. Bu danışıqların heç biri mənim qulağıma girən deyil. Sən özün övrət olduqda, buraya bir başqa övrətin gəlməyinə davam etməzsən. Buna rəqabət deyərlər. Bunu bilginən, əgər Səidin övrətini boşadıb almaq mənə mümkün olmasa, bütün hərəmxanadakı övrətləri qırdıracağam səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm. Mən sənə əmr edirəm: Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Səidi də razı etmək vəzirə tapşırılıb. Buna söz yoxdur ki, əsrin padşahıyam. Xahiş etsəm, bir anda Səidin başı boynundan götürülər və övrəti də fövrən hərəmxanaya çəkilər. Amma mən istəyirəm ki, həm mənim xahişim əmələ gəlsin, həm də məmləkətdə ədalətsizlik törəməsin. Get, nə təbdir edirsən et. Övrəti. Sultanım, əzizim! Padşah. Danışma, get, əmrimə itaət tələb edirəm. (Övrət gedir.) Qulam! (Qulam gəlir.) Get vəziri buraya çağır! Qulam baş əyib çıxır. Padşah ayağa durub bir-iki baş, mütəfəkkir, otaqda gəzinir. Sonra pəncərəni açıb təzə havadan nəfəs alıb bir ah çəkir. Vəzir daxil olur. Və zir. Qibleyi-aləm, əmriniz? Padşah. Səidlə söhbətiniz nə yerə müncər oldu? Və zir. Qibleyi-aləm, heç vəchlə razı etmək olmur. Nə qədər nəsihət etdim, qulaq asmadı, hədsiz qızıl təklif etdim, qəbul etmədi. Axırda budur dörd gündür ki, burada zindandadır, quru çörəklə sudan başqa bir şey qoymuram verələr, bəlkə bu növlə razı etmək ola. Amma deyir bu zindanda çürüyüb ölərəm, övrətimi boşamaram. Padşah. Adın vəzirdir, başında ağıl yox, tədbir yox. Get, möhkəm tədbirlər et. Üləmanı cəm elə və onlardan fitva al. Bilirsən mən nə deyirəm? Xəzinənin yarısı lazım olsa, ver, ancaq fitva al! Və zir. Padşahım, üləma necə şəriəti poza bilər, vaxt ki, şəxs öz övrətini boşamaq istəmir. Padşah. Pul versən yol tapılar. Get, nə qədər istəsələr pul ver. Get, təlxəyi mənim yanıma gətir, bəlkə bir qədər mənim fikrimi məşğul edə. Və zir. Qibleyi-aləm! Böyük bir məmləkət sənin təhti-hökumətindədir. Əhalidə cavan qızlar var ki, Səidin övrətindən min dəfə vəcihəlidirlər, gəlin bu xəyaldan daşının. Ax, xudaya, nə olardı, bizim şikar yolumuz Səidin evinin qabağından düşməyəydi və qibleyi-aləm də onun övrətini görməyəydi! Padşah. Get, vəzir, əmrimə itaət et! Təlxəyi göndər gəlsin. Vəzir baş əyib çıxır. Padşah fikrə gedib, ah çəkir. Birdən təlxək “hopp...” – deyib atılaraq içəri düşür, padşah diksinir. Təlxək. Palçıq dizdən, su qurşaqdan, yerdən toz qopar, eşşək ağaca çıxar, camış başını qırxdırar, dəvə dəlləklik elədi. Qarışqa başını qırxdı. Qarışqa bir şıllaq vurdu, dəvənin gözü töküldü. Ha, ha, ha. Padşahım məni söhbətə çağırıb. Padşah. Gəl, gəl, mənim əbləhim, təlxəyim, gəl bir qədər hədyan söylə, bəlkə ürəyim açılsın. O sözü necə dedin? Qarışqa şıllaq vurdu, dəvənin gözü töküldü? Ay axmaq, qarışqa şıllağından dəvə gözü tökülər? Təlxək. Bəli, işlər, tərsinə dönəndə qarışqa şıllağı dəvə gözü tökər. İlanın quyruğunu basarsan, qayıdıb başındakı taca baxmayaraq çalar. Padşahım! Deyirlər, eşq divanəsi olubsan. Heç pis iş deyil. Padşah olub camaat fikri çəkincə, dəli ol, qoy camaat sənin fikrini çəksin. Vallah doğru deyirəm. Məcnun da Leyliyə aşiq idi, gedib meşədə əyləşmişdi, heyvanlarla üns tutmuşdu. Başında quşlar yuva tikmişdilər. Sən də get meşədə otur, başında quşlar yuva tiksinlər, hərdən-birdən Səidin övrətinə quşlardan məktub göndər. Vallahı yaxşı olar. Amma, bəşərt ki, məni də özünlə aparasan. Məsləhət də belədir. Çünki iki dəlinin qiyməti bir dəlinin qiymətindən artıqdır. Padşah (onu çubuqla vurur). Dur, namərbut, rədd ol, dəxi də ovqatımı təlx elədin, get. Təlxək. Qibleyi-aləm! Axmaq sözün doğrusu ağıllı sözün yalanından yaxşıdır. Qəzəbin tutub, qovarsan, mərhəmət üstə gəlib yenə çağırarsan yenə gələrəm. Şirin yalanları buraxıb, acı doğrulardan danışaram. Getdim, hopp, milçək bir şıllaq vurdu, dəvənin gözü töküldü. (Gedir.) Padşah iki əli ilə başını tutub yumruğunu taxta çırpır. Sonra əl çalır. Qulam daxil olur. Padşah. Deginən rəqqasələr gəlsin. Qulam baş əyib çıxır. Rəqqasələr gəlirlər. Musiqi çalınır, rəqqasələr rəqs edirlər. Rəqqasələr gedirlər. Vəzir, Tacül-üləma və həmçinin Səid daxil olurlar. Və zir. Qibleyi-aləm, lazımi tədbir olubdur. Ağayi Tacül-üləma bir növ yol tapıb, ancaq iltifatınız olsa, bir dəqiqəliyə o biri otağa keçəsiniz. Məsələ həll olandan sonra təşrif gətirərsiniz. Padşah gedir. Tacül - üləma. Səid, görünür, sən Allahın ən bədbəxt və kor bəndələrindənsən. Vilayətin padşahı şikara gedərkən sənin övrətini görüb, ona eşq yetirib və əmr edir ki, sən övrətinin talağını verəsən və padşah onu özünə əyal etsin. Amma sən kor bəndə bunu qəbul etmirsən. Axmaq kişi, pul nə qədər istəyirsən verilir, rütbə istəyirsən hazır, məmləkətin gözəl qızlarından hər kəsi bəyənsən sənin üçün alsınlar və məmləkətdə möhtərəm şəxslərin biri ol. Belə bir nemətə sən öz axmaqlığından yaxın durmursan. Budur, neçə gündür zindanda əziyyət çəkirsən, nəyə lazımdır? Gəl, sən öz razılığınla övrətinin talağını ver, padşahi-aləmpənahı da özündən razı sal. Vəzir (S ə i d ə). Bilginən ki, Səid, padşah əmr etsə, səni bir anda yox edərlər. Amma gör, qibleyi-aləm necə rəhmdildir ki, istəmir sənin övrətini zorla alsın. Səid. Cənab vəzir! Ağayi Tacül-üləma! Padşahın mənim malıma, canıma ixtiyarı keçər. Mənim malımı zəbt etdirə bilər, öldürməyə, yandırmağa, dar ağacına çəkdirməyə muxtardır. Amma mənim namusuma heç kəsin əl atmasına haqqı yoxdur. Istər padşah ola, istər rəiyyət. Övrətə talaq vermək mənim ixtiyarımdadır. Mən də ölənə qədər talaq verməyəcəyəm. Və zir. Sən bilginən ki, Səid, sənin övrətin bu saat buradadır. İndi ki sən öz inandında belə möhkəm durursan, övrətin həmişə burada qalacaq, özün də zindanda həmişəlik məhbus olub xörəyin duzlu su ilə quru çörək olacaq. Hər gecə də övrətin padşahın yatacaq otağına aparılmasını sənə göstərəcəklər. İndi ixtiyarın var. Səid. Siz ədalətdən dəm vurursunuz! Buna ədalətmi deyirlər? Xudaya, bir belə insana zülm edərlər? Tacül - üləma. Cənab Səid! Mən vəzirin bu sözlərini heç vəchlə xoşlamıram, çünki vəzir buyuran xilafi-şərr bir əməldir və xilafi-şərr əmələ heç vaxt gərək adil padşah mürtəkib olmasın. Amma mən işin səlahı üçün bir məsləhət görürəm. Sən gəl bu yüngül məsələyə razı olginən, həm padşahın xahişi bir növ əmələ gəlsin, həm sənin övrətin qalsın özündə, əlavə və zindandan qurtar və bir qədər də pul sahibi ol. Səid. Buyurun, ağa! Tacül - üləma. Söz yoxdur ki, sənin övrətin şərən sənin malındır, tamamən sənin ixtiyarındadır. Sənə mümkündür ki, övrətə olan ixtiyarının yarısını padşaha satasan. Əvvəla, böyük məbləğ alarsan və bu satışın nəticəsi bu olar ki, padşah ürəyində sənin övrətinə bir qədər ixtiyarı olduğunu hiss edib, adi halına gələr, məşğul olar məmləkət işlərinə və axırda tədricən ümuratın çoxluğundan sənin övrətinin fikri onun başından bilmərrə çıxar. Sən gəl, səlahi-məmləkət üçün bu yüngül təklifi qəbul et! Səid. Əgər sən övrətimin həmişəlik evimdə qalmasına zəmanət edirsənsə, mən bu təklifi qəbul edirəm. Tacül-üləma. Zəmanət edirəm. Vəzir. Mən də zəmanət edirəm. Cənab Tacül-üləma, siz bu beyişəri zəhmət qəbul edib, yazı vəzifəsini cari edin, mən də gedim padşaha müjdə verim. (Çıxır.) Tacül - üləma (kağızı yazıb verir Səidə.) İmza et. Səid. Siz alimin sözünə etibarən və səlahi-məmləkəti nəzərə alıb, imza edirəm. (İmza edir). Vəzir, padşah daxil olurlar. Padşah əyləşir taxtın üstündə. Və zir. Cənab Tacül-üləma, kağız hazırdır? Tacül - üləma. Bəli cənab, buyurun. (Kağızı verir vəzirə.) Vəzir (oxuyur). Cənab Tacül-üləma öz işini qurtardı. İndi mən öz işimə şüru edirəm. De görüm övrətini aldığın neçə müddətdir? Səid. Üç ay tamamdır. Və zir. Fitvanın mövcibincə, çünki sən ixtiyarının yarısını əlahəzrətə satıbsan, gərək övrətin üç ay padşaha mal olsun. Ondan sonra həmçinin ilin yarısını övrətə sən malik olacaqsan və yarısını padşah. Səid. Nainsaflar! Bimürvətlər! Məgər siz mənimlə belə şərt etdiniz? Cənab Tacül-üləma, məgər sizin fitvanızın nəticəsi budur? Tacül - üləma. Fitvanı belə də imza etmək olar. Səid. Nainsaflar! Canilər!.. Və zir. Səid, çox söyləməyin yeri yoxdur, pul alıb mal satıbsan, danışıq fayda verməz. Əgər fitvanın əleyhinə söz söylərsənsə, qanuna görə qətlin vacib gələr. Səid. Cənab vəzir! Siz unudubsunuz! Bu fitvadan başqa bir fitva da var. O da namus fitvasıdır. O da budur. (Özünü vurur.) Sizin qanunuza görə namusa təcavüz edənə edam cəzası verirlər. İndi mən sizing ixtiyarınızdayam. Mən öləndən sonra da övrətim azaddır. Məhv olsun zülm, yaşasın ədalət! (Padşahın taxtının üstünə yıxılır, ölür.) * * * Qoca tarzən Bir pərdə İştirak edənlər Tarzən. Onunövrəti. Üç nəfər sazəndə. Tarzənin otağı, sadə döşənmiş. Müqabildə bir çarpayı qoyulub. Tarzənin övrəti əyləşib tikişlə məşğuldur. Qapıda taqqıltı eşidib, cəld qalxıb qapıya tərəf gedib açır. Tarzən-qoca ağaca söykənərək daxil olur. Övrəti onun qolundan yapışıb gətirib çarpayının üstündə əyləşdirir. Ta rzən. Bir az su ver içim. Övrət (su verir). A kişi, bu naxoş halət ilə bir belə harada idin? Tarzən. Uzaq getmişdim. Əyləşmişdim bağda, təzə çıxan çiçəklərə, göy otlara tamaşa edirdim. Və özüm-özümə fikir edirdim ki, nə olardı, insan da ələfiyyat kimi qışda yuxuya gedəydi və Bahar gələndə gül-çiçək kimi açılaydı. Uşaqlar şad-xürrəm bağın xiyabanında hər tərəfə yüyürüşüb oynaşırlar. Onlara baxdıqca fikir edirdim ki, xudaya, görəsən bu uşaqların heç fikirlərinə gəlirmi ki, onlar da qocalacaqlar, əlil olacaqlar. İndi vəhşi ceyrantək yüyürən balalar bir vaxt mənimtək əli ağacsız yerdən qalxmayacaqlar. Bir vaxt var idi, mən də uşaq idim, cavan idim... İndi nəyə lazımam? Göz gedib, qol gedib, qabiliyyət gedib. Mən ilə bir çürük ağacın təfavütü yoxdur. Bir gün qəflətən yıxılacam. Və yıxıldım nə olacaq, dünyadan nə əskiləcək, kimə mənim ölməyim təsir edəcək?.. Ox, ox, ox... O tarı mənə ver görüm. (Övrət tarı verir, qoca istəyir çalsın, bacarmayıb qoyur yerə.) Yox, olmadı... Barmaqlarım mizrabı tutmayırlar. Ax keçən günlər! Məndən baş tar çalanmı tapılardı?! Şəhərlərdən teleqraf vurub məni aparardılar. Tarı sinəmə basıb, əvvəlinci mizrabı vuranda bütün camaatın nitqi batardı. Bir adamdan səs çıxmazdı. Çalıb qurtarardım, tarı qoyardım yerə, baxardım tarın təsirindən ayrılmayıb. Mənim rastımı bir zinəfs çala bilməzdi. İndi bir mizrab vura bilmirəm. Mənim başımdan pulu yağış kimi yağdİranlar haraya gediblər? Məni məclislərində görməkdən fəxr edənlər İndi salam da vermirlər. Qəribədir təbiətin qanunu. Heç bir memar öz tikdiyi binanı öz əlilə uçurmaz. Bəs səbəb nədir insan kimi gözəl bir binanı yapan təbiət onu təxrib edir? Mənim halətimə salır. Məni barmağı ilə göstərənlər necə olublar? Haraya gediblər? (Qapı döyülür.) Övrət, dur qapını aç, gərək bizim uşaqlar olsun, bağda gördüm, dedim gəlsinlər, bir az ixtilat eyləyək. Bir tək sənətkar sənətkarın qədrini bilib yaddan çıxartmaz. (Övrət qapını açır, üç nəfər sazəndə çalğı alətləri ilə daxil olurlar.) Gəlin, gəlin, məni gözəl şagirdlərim, ancaq siz məni yaddan çıxartmayırsınız. Övrət. A kişi, bu nə halətdir səndə! Budur üç aydır yorğandöşəkdəsən, bu haləti səndə mən görməmişəm. Gəzib gəlibsən, bir az uzan, yoldaşların səninlə söhbət etsinlər. Yoxsa çox danışmaq səni daha da zəif salar. Ta rzən. Mən özüm də bugünkü halətimi anlamayıram. İstəyirəm çalam, oxuyam, oynayam. Baharın günündəndirmi, havanın xoşluğundandırmı, cəmi İndiyədək yatmış hissiyatım oyanıb. Xub, mən uzanım. (Sazəndələrə) Siz də mən öyrətdiyim rastı çalın. (Uzanır, sazəndələr rast çalırlar.) Ax bivəfa fələk, nə yadıma düşdü: Şamaxıyaylağında yay fəsli, aydınlıq bir gecədə çayın kənarında məclis qurulub. Ay durub başımızın üstündə, işığı düşüb çaya. Göz yaşı kimi çayın suyu şırıltı ilə axır və ayın işığı suya düşüb rəngarəng nəqşlər göstərir. Mən həmin bu rastı çalıram. Çay kənarındakı bağın bülbülləri səssəsə verib tar ilə bahəm oxuyurlar. Mən dayananda onlar da dayanır, mən çalmağa başlayanda onlar da oxumağa başlayırlar. Gecə sakit, məclis guşhuş ilə qulaq verir, guya ay və göyün ulduzları, hamısı öz gərdişindən dayanıb mat-məbhut mənim çalğıma qulaq asırlar. Onda gördüm bir dənə bülbül mənim üstümə gəlib özünü tara çırpıb getdi. Dərhal Mahmud ağa, Allah rəhmət eləsin, qalxıb mənim alnımdan öpüb dedi: “Afərin sənə! Ölmə, yaşa!”. Budur ölməyib yaşayıram, budur ölməyib yaşayıram. (Sazəndələr şikəstəyi-farsa keçirlər. Tarzən hövlnak qalxır.) Çalın, çalın, bu saat dərunimdə başqa bir fərəh, başqa bir ruh hiss edirəm. Mən bu dəmdə qoca deyiləm, cavanam və cəmi cavanlardan cavanam. Çalan siz deyilsiniz! Yox, yox, mən çalıram! O mənim mizrabım, mənim barmağımdır. Bir tamaşa edin, ay enir aşağı, ulduzlar tökülüşürlər, bülbüllərin ağızlarından çıxan şərarələr ulduzların istiqbalına gedirlər. Dürüst baxın... Dürüst baxın! Göyün qapısı açıldı, oradan məlakələr əl çalıb, mənə afərin deyirlər. Eşidirsiniz, eşidirsinizmi? Baxın, bir mürəssə təxt mənim üçün enir. Təxtin hər tərəfindən iki mələk yapışıb. Mələklər əl edib məni özlərinə tərəf çağırırlar. Gəldim, gəldim, ay Allahın gözəl mələkləri, Şərqin ən namdar tarzəni sizə xidmət etməyə hazırdır. Gəlin, götürün məni, çəkin havaya... Əlvida, əlvida, yoldaşlar, daha yer məni görməz, mən göylərə lazım olmuşam, əlvida! (Yıxılıb ölür.) * * * Səhnə Quqbanı Hüseyn Ərəblinskinin vəfatından yeddi il keçməsi münasibətilə Bir məclisdə İştirak edənlər Hüseyn Ərəblinski Dayısı. AnasıYoldaşıVəli – aktyor Vaqe olur Ərəblinskinin odasında. Divardan aktyora lazım olan libas, əsləhə, tac və növbənöv şeylər asılmış. Hüseyn, əlində rol dəftəri, daxil olaraq gah dəftəri oxuyur, gah gəzinərək oxuduğunu əzbərləyir. Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata siz, özünüz təlinə layiqsiniz! Siz qatilsiniz! (Bu sözləri təkrar oxuyur. Bir kürsü gətirib odanın ortasında qoyur. Qoca Mooru kürsü üstündə əyləşmiş zənn edərək danışır.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Guya boğur.) Yox... (Çağırır.) Ana, ana. Anası başını qapıdan içəri salır. Anası. Nə var, ay oğul? Hüseyn. Ana can, bircə dəqiqəliyə gəl bu kürsünün üstündə əyləş. Anası. Nə üçün, ay bala? Hüseyn. Sən mənim canım, gəl əyləş, İmdi bilərsən. Anası. Hələ gör bir az pulun varmı? Günorta gəlib xörək istəyəcəksən. Göndərim bir az ətdən, soğandan alıb gətirsinlər. Hüseyn. Bu saat ət-soğan vaxtı deyil, bir burada əyləş, işim var. Anası. Ay oğul, Allahı sevirsən məni oynatma, yaxamdan əl çək. Hüseyn (anasının qolundan tutub əyləşdirir). Ha belə, əyləş, başını aşağı sal, danışma. Anası. Axır nə eləmək istəyirsən? Lənətləndirilib. Uzaqlaşdırdı. Hüseyn. Bu saat görərsən. Anası. Di kələyin nədir, göstər. Hüseyn (kənara çəkilib birdən anasının üzərinə hücum edir). Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? (Boğur, anası qışqırıb qalxır.) Anası. Ay oğul, amandır, sənə nə yamanlıq etmişəm məni öldürürsən? (Hüseyn gülür.) Amandır, oğul, yazığam, məni öldürmə. Saxlamayırsan çıxım gedim qardaşımın evinə. Hüseyn. Ay arvad, məyər mən səni öldürmək istəyirəm? Adam da öz anasını öldürərmi? Sən mənim yaxşı anamsan, göyçək anamsan. (Üzündən öpür.) Bircə gəl yenə əyləş. Anası. Ay oğul, vallah, sənin ağlın çaşıb. Məni öldürəcəksən. Əyər məni öldürmək xiyalın yoxsa, niyə qışqırıb deyirdin: "Qoca əlil, axirətə kimi sağmı qalacaqsan?". Ya dəli olmusan, ya da ki piyansan. Hüseyn. Piyan-zad deyiləm, ana can, dediyim sözlərə bax. Bu dəftərdə yazılıbdır. Bu mənim rolumdur. Bunu əzbərləyib sonra teatrda oxuyacağam. Yoldaşlardan biri də mənim qoca atam olub kürsü üstündə əyləşəcək. Mən onu boğub öldürəcəyəm. İmdi gərək mən məşq edəm ki, orada yaxşı çıxsın. Boğub öldürmərəm. (Əyləşdirir.) Anası. Ay oğul, sən Allah, yavaş boğ, yoxsa qoca adamam, ölərəm. Hüseyn. Xatircəm ol, ana, boğmaram. Di otur, tərpənmə! (Yenə hücum edir.) Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! Vəli (daxil olur). A dəli, arvadı niyə boğursan? Anası. Ay oğul, sən gəl bu dəli yoldaşına nəsihət elə. İmdicə məni boğub öldürmüşdü ki, mən teatr çıxarıram. Hüseyn. Nə eləyim, ay Vəli? Frans Moorun rolunu öyrənirəm. Boş kürsü ilə nə qədər çalışdım bir şey çıxmadı. Axır əlacım kəsildi. Qoca Moorun əvəzinə anamı əyləşdirdim. Və l i. Elə iş eləmə. Qoca arvaddır. Xətadır, birdən qızışıb doğrudan yazığı boğarsan, səndən nə desən çıxar. Anası. Elə mən də onu deyirəm. Ay oğul, bunu mən oğul bəsləmədim, canıma bir bəla bəslədim. Evdə yeməyə çörək yoxdur, əlinə düşəni aparıb xəncərə, qılınca, qalxana verir, nə bilim, tac qayıtdırır, nə oyun çıxarır. Guya mənim üçün Yezid şəbihi olacaq. Və l i. Düz deyirsən, ana. Bizim işimiz elə Yəzid şəbihi olmaq kimi bir şeydir. Anası. Zəhmət çəkdiyindən əlinə də bir şey gəlməyir. Budur, sabahdan deyirəm pul ver, bazara göndərim, durub mənimlə Şah Səlim oyunu oynayır. Hüseyn. Eybi yoxdur, ana! Bir neçə vaxt səbr et. Bir vaxt gələr hər yerdə məni barmaqla göstərərlər. Məni küçədə "bığı qırxıq lotu" deyib daşlayan uşaqların hamısı deyəcəklər: ax, biz də böyüyəndə onun kimi olaydıq. Məni evinə qoymayan, məni özünə qohum hesab eləməyən dayım, bir vaxt olar, hər yerdə fəxr edər ki, Hüseyn Ərəblinski mənim bacım oğludur. Mənim dayımın pulu, malı var, mənim qabiliyyətim, bacarığım, iqtidarım var. Ancaq bir azdan sonra özü gedəcək, adı da öləcək; malı, dövləti, pulu da tələf olacaq. Amma Hüseyn Ərəblinskinin adı qiyamətə kimi diri qalacaq. Hər məclisdə sən anamı Hüseyn Ərəblinskinin anasıdır deyib, yuxarı başa keçirəcəklər. Səbr elə, anam, axırda görərsən ki, bu Yezid şəbihi oğlun nə bir oğul olacaq. Belədir, Əbülfət! Və l i. Belədir ki var! Hüseyn. Gör bir manatın varsa, ver buraya, bazara göndərim. Vəli (əlini cibinə salır). Sən öləsən, var-yox bu gün bir manatım var idi. Altı şahısını papirosa vermişəm, on dörd şahısı durur. (Verir.) Hüseyn. Ver buraya, bir bozbaş əmələ gələr. Sən də naharını burada elərsən. Al, ana, göndər bazara. (Anası gedir.) Di gəl əyləş burada, bir balaca məşq edək. Əyləş. Vəli (əyləşir). Frans, ver mənim oğlumu! Hüseyn. Kim onu təlin edib evdən təbid etdi? Kim onu müharibəyə getməyə məcbur etdi? Ah, istəkli qardaşım Karl! Ox, ata, siz özünüz təlinə layiqsiniz, siz qatilsiniz!.. Və l i. Vallahi, təlinə layiqəm, öz övladımın qatiliyəm. O, məni özündən artıq sevirdi. Hüseyn. O öldü. Sonrakı peşmançılıq fayda verməz. Ölmək yaxşıdır! Və l i. Frans! Onu təlin etməyə sən məni məcbur etdin. Ver mənim oğlumu! Ver mənim Karlımı! Hüseyn. Məni siz hirsləndirməyiniz. Vallah, sizi tək buraxmaram. Sizi ölüm… ölüm məqamında saxlaram! Və l i. Ver mənim oğlumu! Of! Ver mənim oğlumu! Hüseyn. Qoca əlil, axirətə kimi sağmı qalacaqsan? Öl! Öl! (Boğur.) Ölübdür, ölübdür! Bəlkə yatır? Bəli, öylə yatır ki, bir daha onun qalxmağa ixtiyarı olmayacaqdır. (Gözlərini örtür.) Gözlərini örtmək lazımdır. Vəli (qalxır). Sox gözəl! Bərəkallah! Rolu əvəzsiz aparacaqsan. Hüseyn. Sən Allah, əyər bir qüsur gördünsə, de. Hər kəs mənə qüsurumu göstərə, onun başına dolanaram. Dünən gedib Orlenovun oyununa tamaşa edirdim. Zalım balası özgə artistdir. Ondan nə qədər hərəkətlər əxz etmişəm. Hamısı vaxtında lazım olacaq… hələ xəbərin yoxdur ki? Və l i. Nədən? Hüseyn. Atanın goru üstün, atamın goru üçün, Ağa Məhəmməd şah üçün bir tac qayırtdırmışam, bir ata dəyər. (Sandıqdan çıxarır.) Gör bir nə maldır. Vəli (əlində dolandırır). Doğrudan da gözəl tacdır. Elə bil şəkildə çəkilibdir. O yan-bu yanı yoxdur. Bir başına qoy görüm. (Hüseyn tacı başına qoyur.) Bəh, bəh, çox gözəldir. Dayısı (daxil olur). Öl ha! Öl ha! Adə, pəs nə vaxt adam olacaqsan? Bu nədir, şeytan papağıdır, başına qoyubsan? Xələf oğlu Məhəmməd səni qoyub gedincə bir parça daş qoyub gedəydi. Sirinə bax, sifətinə bax! Hüseyn. Dayı, təvəqqe edirəm məni öz halıma qoyasan. Elə bil heç Hüseyn adlı bacıoğlun yoxdur. Dayısı. Adə, necə məni öz halıma qoy? Məgər mən insan deyiləm? Məgər mən abru sahibi deyiləm? Mən bazardan ötüb keçə bilmirəm! Hər görən deyir: “Odur, buğu qırxıq Hüseynin dayısı gedir". Adə, a binamus! A biqeyrət! Ayna qabağında durubsan? Bir sifətinə dürüst diqqət ilə bax! Gör nəyə oxşayırsan?! Adə, kişi də buğlarını qırxdırıb özünü bu sifətə salar? Bığ qırxdırmaq binamusluq, biqeyrətlik nişanəsidir. A binamus, məgər özünə bir peşə tapmayırsan? Gəl mənim kontorumda otur. Xaricilərə verdigim məvacibi artıqlığı ilə verim sənə, padşah kimi dolan! Yoxsa əlinə düşəni apar ver zirzibilə, tax başına, oyunbazlıq elə, adını da iş adamı qoy! Bu da sənətdir? Bu da peşədir? Tfu sənin üzünə! Hüseyn. Sözünü qurtardın? Dayısı. Qurtardım. Necə? Hüseyn. Mən durub sənə sənətimin nə olduğunu nəql etsəm, sən eşitməyəcəksən, eşitsən də anlamayacaqsan! Mən oyunbazam, hoqqabazam, biaram, binamusam, yaxşı! Təvəqqe edirəm buradan düz çıxasan. Dayısı. Adə, nə qələt eləyirsən? Yoxsa istəyirsən təpənə bir güllə vurum orada yatasan? Hüseyn. Səndən onu da gözləmək olar. Mən sənətim yolunda canımı qoymusam. Əvvəl-axır sənin kimi pula Allah deyənlərin biri o güllənin birini mənim başıma vuracaq. Mən hazıram. Nə vaxt istəsəniz məni öldürə bilərsiniz. İmdi isə zəhmət çək, buradan təşrif apar. Dayısı. Binamus, biqeyrət, gör sənin başına nə gətirəcəyəm. (Gedir). Hüseyn. Vəli, görürsən? Küçədə günüm bu, bazarda günüm bu. Əmi, dayı, qohum, qardaş, hamı məndən üz döndərib. Küçədə uşaqlar məni daşlayırlar. Bir gün bu nainsaflar məni öldürəcəklər. Bu mənim yəqinimdir. Amma qoy öldürsünlər. Nə qədər canım sağdır, məsləkimdə möhkəm durmuşam və duracağam. Vəli (əl verir). Hara getsən səninlə varam. İstəyir getdiyin yol ölüm yolu olsun. Hüseyn. Bizim yolumuz batmaz bir günəşə tərəfdir. Qoy kor şəbpərələr öz qaranlıq yuvalarında dünyadan bixəbər yatıb özlərini insane hesab etsinlər. Bir vaxt gələr, kimin insan olduğu məlum olar. * * * Daşçı Musiqili səhnəcik İstəkli qardaşım Hüseynqulu Sarabskiyə otuz sənəlik səhnə fəaliyyəti və yubileyi münasibətilə itthaf edirəm. Ə.Haqverdiyev Küçə. Bir nəfər oğlan, əlində balta, daş yonur və “Muğan” nəğməsi oxuyur.(Sarabskinin öz sözləri) Oğlan (oxuyur) Qafqaz dağlarının geniş ətəyi, Şirvandan Gilana uzanmış Muğan Yerliyi, torpağı, haşyəsi sarı, Yaşıl məxmərlərə boyanmış Muğan... Daxil olurlar: neçə nəfər tacir, alverçi, qoçu. Qoçu (oğlana): Oğlan, sənin səsin xoşdur, Heyf olsun ki, başın boşdur. Hamı: Başın boşdur, ay boşdur, ay boşdur. Canım boşdur, ay boşdur, ay boşdur. Alverçi: Gözəl sövtün alır canı, Eşidənin coşur qanı. Hamı: Coşur qanı, ay qanı, ay qanı, Daşır qanı, ay qanı, ay qanı. Tacir: Səsin vergidi xalıqdan, Ağlın getmiş şor balıqdan. Hamı: Quru balıq, ay balıq, ay balıq, Şorca balıq, ay balıq, ay balıq. Qoçu: Burax daşı, at baltanı bir yana, Qavalı vur qoltuğuna mərdana, Söz verirəm, inan bu igid cana. Qəbul etsən bizdən razı qalarsan, Hər gecədə mincə manat alarsan. Hamı: Qəbul etsən bizdən razı qalarsan. Hər gecədə mincə manat alarsan. Tacir: Kasıblığın dəftərini bükərsən, Qızıl onluqları cibə tökərsən, Özün üçün bir imarət tikərsən. Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Hamı: Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Qoçu: Qoçunun pullu toyuna baxanda, Pul başından dolu kimi yağanda, Yağlı pilov qurşağına çıxanda, Unudarsan düşbərəni, bozbaşı, Gətirməzsən yada baltanı, daşı. Hamı: Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Oğlan (“Aşıq Əsədi” üstündə): Gedin, gedin əl götürün başımdan, Əl çəkmərəm bu baltamdan, daşımdan, Qızıl, gümüş deyil səsim qiyməti, Sizlərdən mən gözləmərəm hörməti. (“Kərəmi” üstündə) Mənə gərək deyil qoçu pulları, Anlamazsız mən tutduğum yolları, Yavuqdadır qiymət verən qardaşım, Əlləri qabarlı məntək yoldaşım. Onun məntək çətin çıxır çörəyi, Amma sizdən çox təmizdir ürəyi. Alverçi: Başın boşdur, bilmirsən xeyri-şəri, Acından olubsan sümük bir dəri, Qapında saxlarsan yeddi nökəri, Qəbul etsən bizdən razı qalarsan, Az keçər ki, bir xozeyin olarsan. Hamı: (“Aşıq Əsədi” üstündə): Gəlin gedək bunun naxoşdur başı, Canı çıxsın əldə baltası, daşı. Oğlan (tək, işləyir, “Aşıq Əsədi” üstündə): Bir gün gələr dağlarımız gül olar, Kəndli-fəhlə qəlbi fərəhlə dolar. Məhv olarlar sərvətdarlar, qoçular. İşlə baltam, polad baltam, çan baltam, Aman baltam, sultan baltam, xan baltam. Zirzəmidə, quru yerlərdə yatan, Bir zaman ayılar yəqin yuxudan, İstər haqqın sərvətdardan, qoçudan. İşlə baltam, polad baltam, çan baltam, Aman baltam, sultan baltam, xan baltam. Açılacaq məktəblərin qapısı, Savadlanar kəndli, fəhlə hamısı, Sevinəcək hər kəsin var namusu. İşlə baltam, polad baltam, can baltam, Aman baltam, sultan baltam, xan baltam. Bir gün çıxar salar şövqün dünyaya, Yol verilməz heç bir cövrü-cəfaya, Onda çıxar səsim övci-səmayə. Işlə baltam, polad baltam, can baltam, Aman baltam, sultan baltam, xan baltam. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-dram-eserleri İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.