Ədalət qapıları Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Ədalət qapıları Dram iki şəkildə İştirak edənlər Padşah Padşahınqızı Rizvan – bağban oğlu Asiyə – kəniz XacəFiruz – qulam Qulamlar, kənizlər, rəqqasələr * * * Birinci şəkil Vaqe olur padşahın hərəmxanasında. Padşahın qızı, ətrafında neçə nəfər rəfiqələri əyləşiblər. Rəqqasələr oynayırlar. Hamısının gözlərində fərəh, şadlıq əlaməti görünür. Tək padşahın qızı məyus əyləşib. Rəqqasələr bir qədər rəqs etdikdən sonra padşahın qızı işarə edir, hamı gedir, kənizdən başqa. Padşahınqızı. Mehriban bacım, budur, iki aydır mən naxoşam, mərəzim gün-gündən şiddət etməkdədir. Məmləkətdə bir təbib qalmayıbdır ki, atam onu mənə müalicə etmək üçün gətirməmiş olsun. Heç biri mənim dərdimin dərmanını tapmayıb, əl çəkib gediblər. Axırda əcnəbi vilayətdən gəlmiş bir təbibin məsləhətinə görə, məni hər gün rəfiqələr arasında, çəmənlər səyahətinə və rəqslər tamaşasına məcbur edirlər. Bunların heç birisi mənim dərdimin əlacı deyildir. Nə rəqs, nə xanəndə, nə çəmənlərdə və nə çay kənarında səyahət, heç biri mənim ürəyimi açmır. Baş ağrısı, ürək ağrısı gün-gündən artmaqdadır. Amma tənha qalıb, bir qədər ağlayandan sonra rahat oluram. Rica edirəm məni yalqız burax. Asiyə. Xanım, neçə ildir ki, mən sizin xidmətinizdəyəm, sədaqətim sizə məlumdur. Nə olar dərdinizi açıb mənə söyləyəydiniz. Sizin kənara çəkilib ağlamağınızdan bir şey anlamayıram. Əfv ediniz, açıq danışacağam. Mərəziniz məhəbbət mərəzidir. Nə olar ki, açıb padşaha deyəsiniz? Baxın, ətraf məmləkətlərin hamısından elçilər gəlir. Heç birinə atanız sizin xahişinizi bilməmiş cavab vermir... Görünür, sizing xahişiniz padşah xahişidir. Padşahınqızı. Əziz bacım! Mənim mərəzimi dürüst anlayıbsan. Fəqət mən atama bir söz açıb demərəm. Çünki atam bilsə, onu yüz parça elər. Odur ki, danışa bilməyib günü-gündən şam tək əriyirəm. (Bir nəfər qara qul hərdən gəlib, xəlvət qulaq asır.) Burada ancaq bir nəfər mənim dərdimi bilir. Ondan savayı heç kəsə dərdimi açmaram. Get, bacı, sən də get, məni tək burax. (Asiyə gedir.) Padşahınqızı (ahəstə gedib sol qapıdan çağırır). Xacə Firuz! Xacə Firuz (qoca qara qul daxil olur). Əmriniz nədir, xanım? Padşahınqızı. Gəlibdirmi? Xacə Firuz. Bəli, gəlibdir, müntəzirdir. Padşahınqızı. Göndər gəlsin. Özün qapıda ol, gördün ki, gələn var, fövrən xəbər ver. Xacə Firuz. Baş üstə, xanım. (Çıxır, Rizvan – cavan, gözəl oğlan daxil olur). Padşahınqızı. Ax Rizvan! (Boynunu qucaqlayır.) Rizvan. Mən sizin aciz bəndəniz sizin məhəbbətinizə nail olmuşam. Mənim bu qaba ürəyimdə nazik hisslər gün-gündən artmaqdadır. Siz çəkən əziyyəti mən bilirəm. Fəqət mən iki-üç dəfə artıq çəkirəm. Nə gündüzlər iş görə bilirəm, nə gecələr gözümə yuxu gedir. Gecələr sübhə kimi ayla, ulduzlarla danışıram. Söz yoxdur ki, qibleyi-aləm size bağban oğluna verməyəcək və bizim məhəbbətimizdən xəbərdar olsa, yəqin nəticəsi həm sizin, həm mənim üçün yaman olacaq... Padşahınqızı. Ölümdən yaman nəticə ola bilməz. Mən məhəbbət yolunda ölümdən qorxmuram. Bir vaxt ki, əlim yarımdan üzüləcək, əlbəttə, ölüm məsləhətdir. Sənin qorxmağın məni heyrətə gətirir. Mən səni belə aciz bilməzdim. Rizvan. Xanım! Dünyada iki dəfə ölüm yoxdur. Hər dünyaya gələn bir dəfə dünyadan gedəcək. Ancaq geci, tezi var. Hamımız öləcəyik və sizin məhəbbətiniz yolunda can vermək mənim üçün eyni səadətdir. Mən ölümdən qorxmuram, ondan bədtərindən qorxuram. Padşahınqızı. Ölümdən bədtər nə ola bilər? Rizvan. Ölümdən bədtər ədalət qapısından keçməkdir. Ondan qorxuram. Padşahınqızı. O necə qapıdır? Rizvan. Bu təzə binadır! Bir qaranlıq mağaranın içində dörd dənə qapı var ki, onlara “Ədalət qapıları” deyirlər. Padşahın əmri ilə müqəssirləri gətirirlər o qapının bərabərinə və hökm edirlər ki, qapıların birini öz xahişi ilə açıb daxil olsun. Qapının birindən daxil olan əfi ilanlara düçar olur. O birisindən girən vəhşi canavarlara xörək olur. Üçüncüsündən daxil olan cəhənnəm tək nərə vuran alov içinə düşüb yanır. Bir tək dördüncü qapını açan, qadına düçar gəlir və o qadını almağa məcbur olunur, taqsırı bağışlanır. Ancaq hansı qapıda bəla və hansı qapıda qadın olduğunu müqəssir bilmir. Budur ədalət qapıları. Hər qapıdan daxil olsam, əlim səndən çıxacaq. Atəş içinə, ilan və canavarlar yığıncağına düşsəm, özümü bəxtiyar hesab edərəm. Amma axırıncısından qorxuram. Padşahınqızı. Qorxma, Rizvan! Xacə Firuz hər tədbiri görübdür. Bu gecə biz buradan qaçarıq. Sübh açılmamış məmləkət sərhədini keçərik. Ondan sonra bizi heç kəs ələ gətirə bilməz. Bir kənar guşəyə çəkilib, istirahətlə ömür başa apararıq və lazım qədər özümlə cavahirat götürmüşəm. O da olmasa, əlimizlə işləyib dolanarıq. Xacə Firuz (özünü itirmiş daxil olur). Amandır, qibleyi-aləm buraya gəlir. (Çıxır). Padşahınqızı (tələsik). Get, get, əzizim, tez get. Gecə üçün hazır ol. (Rizvan çıxır.) Padşah (daxil olur, qəzəbini saxlamış). Necəsən, qızım, başının ağrısı kəsilibdirmi. Padşahınqızı. Bəli, ata, bir az yaxşıyam. Padşah (istehza ilə). Sağalarsan, qızım, tezliklə sağalarsan. Sənin üçün təzə bir cüft gözəl at almışam. Çıx bir tamaşa elə. (Qız çıxır. Padşah qapıdan.) Xacə Firuz!.. Xacə Firuz (daxil olur). Bəli, Qurban! Padşah (xacənin iki qolundan tutub dizi üstə çökdürür). Qoca məlun, sən ki mənim qızımın cəmi sirlərini bilirsən, İndiyədək niyə mənə xəbər etməyibsən? Xacə Firuz. Qibleyi-aləm! Siz məni şahzadə xanımın xidmətinə təyin edəndə, əmr etdiniz ki, ona sədaqətlə xidmət edim və sədaqət də bundan ibarətdir ki, gördüyümü və eşitdiyimi bir kəsə söyləməyim. Padşah (vurur). Mənədəmi söyləməyəsən? Xacə Firuz. Şahzadə xanımın əmri olmasa, sizə də söyləməyim. Padşah (vurur). Məlun! De görüm, bu saat burada kim var idi? Xacə Firuz. Bilmirəm, qibleyi-aləm! Padşah. Yalan danışma, ifrit! Sən bilmirsən, mən bilirəm. Buradan gedən tutulub həbsdədir və sabah ədalət qapısından keçəcək və səni də sədaqətlə xidmət etdiyin xanımın qarşısında parça-parça etdirəcəyəm. (Əl çalır, iki fərraş daxil olur.) Aparın bunu, möhkəm saxlayın. Xacə Firuzu aparırlar. Padşahınqızı (daxil olur). Ata, atlar çox əcəbdirlər. Padşah. Bəli, gözəl heyvanlardır. Onları bir nəfər Məkkədən gəlmiş tacir töhfə gətirib. Di gəl, qızım, əyləş. Inşallah, iki günədək salamata çıxarsan. Sabah sənin üçün bir gözəl tamaşa tərtib etdirəcəyəm ki, İndiyə qədər görməyibsən. Sənə təzə bina etdiyim ədalət qapılarını göstərəcəyəm. Padşahınqızı. Ax, eşitmişəm, eşitmişəm, istəmirəm. Nə gedərəm, nə tamaşa edərəm. Padşah (istehza ilə). Gedərsən, qızım, sənin üçün xüsusi bir tamaşadır. (Padşah gedir.) Asiyə (padşahın qızına yaxınlaşır). Sabah bir nəfər gözəl oğlanı ədalət qapısından keçirəcəklər. Padşah hökm verəndə eşitdim. Nədənsə, qoca Xacə Firuz da həbs edilmişdir. Padşahınqızı (mütəğəyyir). Söylə, söylə! Asiyə. Padşah hökm verdi ki, həbəşdən təzə gətirilmiş qara kənizi üçüncü qapının dalında qoysunlar. Bilmirəm yazıq nə taqsırın sahibidir. Deyirlər, ədalət qapısından keçirilmək böyük bir tənbehdir. Padşahınqızı. Deyirsən Xacə Firuz da həbsdədir? Asiyə. Bəli, şahzadə xanım! Nə oldu ki, rənginiz belə saraldı? Padşahınqızı. Heç, bir şey yoxdur. Qoca nökərə yazığım gəldi. Mən gedib atamdan onun əfvini istərəm. Hə... hə... bilirəm... nə işdir... Deyirsən qapının dalında həbəş qızı qoyacaqlar? Asiyə. Bəli, üçüncü qapının dalında. Padşahınqızı (bir qədər fikir edir). Çox gözəl, çox gözəl. (Tələsik gedir.) Pərdə * * * İkinci şəkil Qara, mağaraya oxşar bir mənzildir. Müqabilində dörd qapı var. Qapıların qabağında qara libasda dərbanlar dayanıblar və sol tərəfdə padşah üçün taxt qoyulubdur. Şeypur çalınır. Padşah əyanla daxil olub taxt üstündə qərar tutur. Yanında bir nəfər üzü örtüklü qız əyləşibdir. Padşah. Qızım, gör sənin üçün nə gözəl tamaşalar hazırlamışam. Gətirin müqəssirləri! (Rizvanı və Xacə Firuzu gətirirlər.) Rizvan, sən mənim köhnə və istəkli bağbanım Nəsirin oğlusan. Atan Nəsir kimi sadiq, fəqir və ədəbli kişinin oğlundan sadir olan bu bəd əməlin səbəbi nədir? Nə hədlə sən mənim hərəmxanama ayaq basırsan və öz məqamını anlamırsan? Hətta cürəti bu mərtəbəyə yetiribsən ki, mənim qızıma izhari-məhəbbət edibsən? Məgər sən öz mərtəbənlə şahzadə mərtəbəsinin təfavütünü anlamırsan? Bu taqsırların müqabilində bu dörd qapının birinə daxil olmalısan. Ya heyvanlara və atəşə xörək olarsan və ya bir arvada malik olarsan ki, onu almağa məcbur edilərsən. O vaxt ədalət yolu ilə səni azad edib, arvadınla bir yerdə xaric edəcəyəm... Rizvan. Qibleyi-aləm! Əmrinizə itaət etmək borcumdur. Fəqət ölməkdən qabaq bir neçə söz deməyə izin istəyəcəyəm. Padşah. Söylə. Rizvan. Qibleyi-aləm! Siz padşahsınız, mən rəiyyət və ədna. Buyurun görək, siz əcdadınız dünyaya padşahmı və mənim əcdadım bağbanmı gəlibdir? Və ya padşah bədəni qızıldan, bağban bədəni palçıqdanmı yoğrulub? Məgər padşah ürəyi cavahiratdan və bağban ürəyi ətdəndirmi? Hamının palçığı bir yerdən götürülüb, hamı bir nütfədən əmələ gəlibdir. Hamının ürəyi ətdəndir və öləndən sonra heç bir kəs padşah sümüklərini bağban sümüklərindən ayıra bilməz. Siz bağda gəzib, mənim əllərimlə becərilmiş güllərin ətrindən ləzzət aparırsınız. Siz padşah əmr edə bilərsinizmi ki, o güllərin ətrini mənim dimağım hiss etməsin? Insan dimağı birdir. İstər padşah olsun, istər gəda. Əmr edə bilərsinizmi havaya ki, məni bəsləməsin? Əmr edə bilərsinizmi günə ki, mənim üzərimə şəfəqini salmasın? Hansı padşah ürəyə hökm edə bilər ki, sevməsin? Hansı padşah gözəlliyə əmr edə bilər ki, ürəklərə təsir etməsin? Göz görən gözəli ürək sevəcək! Istər padşah ürəyi, istər bağban. Sizin qızınız məni sevib, mən də onu sevmişəm. Məhəbbət olan yerdə nə padşah olar, nə bağban və tək məhəbbət iki ürəyin padşahı olub, onlara hökm verər. Sizin hökmünüz mənim canıma, malıma keçə bilər, amma ürəyimə xeyr. Canımı siz burada oda yaxa bilərsiniz, amma ürəyimdəki məhəbbət yanmaz. Padşah. Dəxi kifayətdir! Mənim qızım padşah qızıdır, heç vaxt sən tək gədalara rəğbət göstərməz. Əgər onun ürəyində zərrəcə məhəbbət olsaydı belə sakit oturmazdı. Kifayətdir! Aç, qapının birinə daxil ol! Rizvan. Ürəyimdə ölməz bir məhəbbətlə ölümə gedirəm. Padşahın yanında əyləşən qız Rizvana üç barmağını göstərir. Rizvan üçüncü qapını açır, oradan bir üzü örtülü qadın çıxır. Padşah. Ədalətim mənə əmr edir ki, sənin taqsırından keçim. Gərək bu arvadı nikah edib, bununla bahəm məmləkətdən çıxasan! Rizvan. Qibleyi-aləm. Izin verin o biri qapılardan birinə daxil olum. Mənim ürəyimdə bir məhəbbət vardır. Onunla da ölmək istəyirəm. Mən bu arvada sahib ola bilmərəm. İstəyir o biri qapını açıb daxil olsun, bu halda üçüncü qapıdan çıxmış olan padşahın qızı üzünün niqabını atır. Padşahınqızı (Rizvana). Dayan, padşahın axırıncı sözü qətidir. Gərək buna əməl olunsun. Padşah (öz qızını tanıyır, təəccüblə). Ax qızım! Bu nə aləmdir? Sən nə növ buraya gəldin? Bəs bu mənim yanımda oturan kİmdir? Padşahınqızı. Ata, əfv ediniz, mən xəbər tutdum ki, bu qapının dalında həbəş qızı qoyulacaq. Gecə gedib ona yalvarıb, onun libasını geyinib və öz libasımı ona verdim və özüm də gedib əyləşdim onun mənzilində, onu da göndərdim öz mənzilimə. Qızın mənzilindən məni götürüb buraya gətiriblər. Sənin yanında oturan həmin həbəş qızıdır ki, mənim yolumda canından keçibdir. Ata, əmrində baqi qal. Mən bu oğlanı sevirəm. Əgər bizim izdivacımızı öz şəninə layiq bilmirsən, buradan başımızı götürüb bir elə diyara gedərik ki, bizim harada olduğumuzu əsla bilməzsən. Padşah. Bu mümkün deyil. Bu saat səni də öldürəcəyəm! Padşahınqızı. Mən Rizvanla bir yerdə ölməyə hazıram! Amma bu, ədalətdirmi? Padşah. Ədalət mənim xahişimdir. Götürün bu oğlanı atın birinci qapıya, dalınca bu həbəş qızını atınız! Qızımın tənbihini Xacə Firuzla bir yerdə edəcəyəm. Götürün! Fərraşlar istəyirlər Rizvanı götürsünlər. Xacə Firuz (yeriyir qabağa). Dayanın, qardaşlarım! (Hamı dayanır.) Mən qoca xacə Firuz altmış ildir ki, bu dərbarda xidmət edirəm. Bu altmış ilin müddətində bu məmləkətdə ədalət nə olduğunu mən görməmişəm. Camaat həmişə azar və əziyyətdə. Ahu-nalə və nifrin göyə dirənibdir. Bu padşahın sayəsində hökumət ərkanı həmişə camaatı quldur tək soymağa məşğuldur. Camaatın əkdiyi, biçdiyi, qazandığı bunun ümərayi-dövlətinin və onun ətrafında duran bu müftəxorların cibindədir. Camaat ac, göz yaşı tökür. Amma bunlar yeyib şişirlər. Bu padşah taxta əyləşən gündən İndiyədək səlahi-məmləkət və camaat üçün bir dəqiqə də olsun fikir etməyib. Peşəsi vəzirləri başına yığıb, camaata azar vermək üçün ənvai-tənbihlər icad etməkdir. Gah Hİndistanda camaat pulu ilə əfi ilanlar gətirdir və ya meşələrdən yırtıcı heyvanlar gətirib, müqəssirləri onlarla güləşdirib, ləzzət aparır. Qardaşlar, budur onun hökumətinin camaata xidməti! Onun axırıncı icadı da bu cəhənnəm qapılarıdır ki, adına “Ədalət qapıları” deyir. Arxadaşlar, dəxi kifayətdir! Göz yaşları silab tək məmləkəti tutub. Buna davam etmək olmaz. Mən qoca Xacə Firuza siz həmişə ata deyibsiniz. İndi də mənim ata sözümə qulaq asın. Alın bu zalım padşahın özünü və yanındakı xunxarları, onun öz tikdirdiyi binanın içinə atın! Qoyun qazdığı quyuya özü düşsün! Padşah (qalxır ayağa, qeyz ilə). Məlun, nə cürət edib bu sözü deyirsən? (Qılıncı çəkir. Əmələlər padşahın və yanındakıların üzərinə hücum edib qılınclarını alıb, özlərini tuturlar.) Xacə Firuz. Mən yetmiş il dünyada ömr eləmişəm. Heç kəs bu müddətdə məndən yalan və yamanlıq görməyibdir. Məlun sənsən ki, məmləkəti məzarıstana döndəribsən! Götürün, qardaşlar! (Əmələlər padşahı və vəzirləri atırlar odun içərisinə. Xacə Firuz Rizvanla padşahın qızını əl-ələ verdirir.) Baxın, qardaşlar, budur ədalət! Hamı. Yaşasın ədalət! Yaşasın qoca atamız Xacə Firuz! * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-edalet-qapilari İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.