Hekayələr Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Ata və oğul Hacı Xəlil, müsinn şəxs, həştad beş il dünyada ömür edəndən sonra, xudavəndi-aləmin əmrini yerinə yetirməkdə idi. Bir böyük otağın ortasında hacını üzü qibləyə uzadıb, başının üstündə molla tilavəti Quran etməyə məşğul idi. Sağ tərəfdən hacının övrəti əyləşib, əlində dəsmal, həzin-həzin hacı ilə keçirdiyi günləri yada salıb ağlayırdı. Sol tərəfdə hacının cavan oğlu kürsü üstündə oturub bikef gözlərini bir nöqtəyə dikmişdi və tək-tək ahi-sərd ürəyindən çəkirdi. Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı, qapının ağzında ayaq üstündə durub gözlərinin yaşını abi-nisan kimi ağ saqqalından axıdırdı. Heç kəs bir söz danışmırdı, hamının gözü hacının üzündə idi. Hacı Xəlili böht aparmışdı və bu böhtün içində onun keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Budur, balaca Xəlil səkkiz yaşındadır. Atası qovurmaçı Səlim öz övrətinə deyir: “Övrət, bu uşağın məktəbə getmək vaxtıdır, mənim sənətim də bir elə sənət deyil ki, aparım bu yazığa da öyrədim. Meydanın ortasında baharın yağışı, qışın qarı başıma yağa-yağa, yayın istisi bir yandan və ocağın istisi o biri tərəfdən məni yandıra-yandıra mən çörək qazanıram. Bunlar hamısı mənim bisavadlığımdandır. Heç olmasa bu uşağı oxudaq, bəlkə savadı cəhətinə asan çörək qazanıb bizə rəhmət oxuya”. Xəlilin anası ərinin sözlərini bəyənib, durub bir qazan su qızdırıb Xəlilin başını yudu, birçəklərini daradı, çiyninə heybə salıb içinə para çörək qoydu, atasına qoşub “oğul, Allah özü sənə yar olsun” deyib məktəbə yola saldı. Hacının mollası və yoldaşları bir-bir onun gözünün qabağından keçirdilər. Budur, Mirzə Nəsib iranlı qoca kişi yuxarı başdan əyləşib, qabağında bir dəstə çubuq, gözlərində eynək, uşaqlara məşq başı yazmağa məşğuldur və uşaqlar divarın dibində cərgə ilə düzülüb oturublar. Kimisi dərs oxuyur, kimisi falaqqadan təzə çıxmış ayaqlarını ovuşdurub ağlayır və kimisi yoldaşlarının papaqlarından yun qopardıb manqala salır ki, bəlkə gün çıxa. Amma Xəlil özü bir küncdə əyləşib, əlində çərəkəsi, diqqəti tamamilə dərsini əzbərləməkdədir. Ələlxüsus yadına gəlir Quran çıxdığı gün ki, atası ona bir dəst təzə libas tikdirib dedi: “Bala, Allahdan arzu edirdim sənin qazancından bir çörək yeyib ondan sonra öləydim”. Atasının bu sözləri Xəlilin ürəyində bir nisgil olub, ölənədək qalmışdı: çünki atası onun qazancını görməyib, onu bir balaca bacı ilə ana əlində yetim qoyub Allahın rəhmətinə getdi. Biçarə Xəlil on beş yaşında yetim qalıb, bir xırda savadla məktəbi tərk edib anasına və bacısına çörək qazanmaq fikrinə düşdü. Xəlilin atasından bir balaca, İki otaqdan ibarət ev və iyirmi İki manat kağız pul qalmışdı. Bir neçə gün binəva uşaq çalışıb vuruşdu, amma heç yerdə özünə qulluq tapa bilmədi, axır anası görüb ki, kişidən qalan pulun çox yarısı xərclənib və halət bu günə keçsə, pulun qalanı da qurtarsa, elə acından öləsidir. Bir gün, cümə günü bir cüt mərdanə corab bazardan alıb, oğlunu yanına salıb getdi Mirzə Nəsibin evinə. Yazıq övrət Mirzə Nəsibin övrətinin yanına gəlib bu sözləri dedi: “Xanım, bu uşaq axundun dəstpərvərdəsidir. Necə il buna dərs verib, savad sahibi eləyib, İndi də axundun özünə məlumdur ki, bunun atası ölüb, heç bir şey də özündən sonra qoymayıb. Bir külfət gözünü dİkib bir balaca yetimə. Bu bir cüt corabı qoy axundun qabağına, mənim dilimcə ona yalvar, degilən Allah xatirinə İndiyədək bu uşağa ata olub, İndi buna rəhm edib bunu bir yerə nökərçiliyə də olsa versin ki, bəlkə ayda beş-altı manat məvacib alıb onunla özünü və yetim bacısını saxlasın”. Anasının bu sözləri heç Hacı Xəlilin yadından çıxmazdı, tez-tez busözləri övrətinə və aşnalarına deyərdi və həmişə də Mirzə Nəsibə rəhmət oxuyardı və deyərdi ki: “Mənim bir parça çörəyimin səbəbi o mərhum olub”. Mirzə Nəsib, Xəlilin anasının danışığını o biri otaqdan eşidirdi, qoca mirzəyə övrətin sözləri o qədər təsir etdi ki, gözündən biixtiyar yaş cari oldu. Hövlnak yerindən qalxıb övrətin otağına keçdi. Xəlilin anası üzünü örtüb küncə girdi və Xəlil də əlini döşünə qoyub, mollasına təzim edib ədəblə durdu. Mirzə Nəsib corabı qəbul etməyib, Xəlilin anasını xatircəm edib yola saldı və Xəlili özü ilə götürüb öz dostu Ağa Hüseyn xüşkəbarfüruşun yanına apardı. Ağa Hüseyn bir dövlətmənd şəxs idi. Iranla böyük xüşkəbər alışverişi edirdi. Amma bisavad olmağına görə həmişə bir yazı bilən adama möhtac idi. Mirzə Nəsib o qədri ki bacarırdı Xəlili Ağa Hüseynə tərif edib təvəqqe etdi ki, onu öz yanında saxlasın. Ağa Hüseyn öz dostunun təvəqqeini qəbul edib ayda altı manat məvacibə Xəlili dükanda qulluq etməyə qəbul etdi. Hətta ona çörək və ildə də bir libas verməyi həm boynuna götürdü. Xəlil şadlığından bilmədi ki, nə tövr gəldi evə çıxdı. İndi balaca uşaq özünü kişi və külfət sahibi hiss edirdi və bu hiss onun üçün bir mayeyi-iftixar olmuşdu. Altı manat o vədə böyük pul idi: ətin beş girvənkəsi bir abbasıya, yağın pudunu üç manata verirdilər və Hacı Xəlilin yadındadır ki, altı manatla onun anası və bacısı mürəffəülhal dolanırdılar. Xəlil başladı Ağa Hüseynə qulluq etməyə və əvvəl gündən ixlas, çapıqlıq və doğruluq göstərdi və bunun bu sifətləri Ağa Hüseynin məhəbbətini gün-gündən ona artırdı. Hər bir vaxt Mirzə Nəsibi görəndə Ağa Hüseyn rizaməndlik edib deyirdi ki: mən əlli ildir alış-veriş edirəm, bu cür qoçaq oğlan görməmişəm. Bir il qulluq edəndən sonra Ağa Hüseyn Xəlilin məvacibini on manat etdi. Xəlil ağasının qulluğa qədr və qiymət qoymağını görüb, bir az da ixlas və iradətini ona artırdı. Dörd il bu növlə Xəlil Ağa Hüseynə qulluq etdi və bu dörd ilin müddətində məvacibi otuz manata yetişmişdi. Bu məvacibə Xəlil nəinki ağayana dolanırdı, hətta bir-İki yüz manatadək də pul cəm edib Ağa Hüseynə tapşırığa vermişdi və Ağa Hüseyn hər mal alanda Xəlilin puluna əlahiddə mal alıb satıb mənfəətini onun pulunun üstünə qoyurdu. Bir gün Xəlil anasına xəbər gətirdi ki, bəs Ağa Hüseyn istəyir bunu özü ilə Iran səfərinə aparsın və İki gündən sonra yola düşəsidilər. Bu xəbər anasına və bacısına nə tövr təsir elədi, heç Hacı Xəlilin yadından çıxmaz idi. İki gün balasını gözündən qoymayan ana və qardaşından ayrılmaq istəməyən bacı xəlvətdə ağlayırdılar, amma Xəlilin yanında toxtaqlıq göstərib ona tədarük görürdülər. Səfər günü Xəlil əmisi kəlləpəz Imanı gətirib evlərində həyan qoyub anası və bacısı ilə ağlaya-ağlaya vida etdi. Biçarə övrət Quran götürüb əziz oğlunu Quranın altından keçirib dalınca bir qab su atıb ağlaya-ağlaya mənzilə qayıtdı. Xəlil Ağa Hüseynlə bahəm varid oldular Iran torpağına. Ağa Hüseyn cəmi xüşbərə mərkəzlərini və alış-veriş yollarını ona göstərdi və axırda üzün ona tutub dedi: – Bala, mən səni buraya özüm üçün kömək gətirmişəm. Mən, budur, neçə ildir Irana səfər edirəm. Heç bir səfərdə köməyə ehtiyacım olmayıb, ancaq çünki sən həmişə qulluqçuluq etməyib axırda özün üçün bir alış-veriş etmək fikrinə düşəcəksən, ona görə mən istəyirəm ki, ticarətin hər bir yolunu və qaidəsini sənə öyrədim. Xəlil, Ağa Hüseynin bu sözlərinə bilmədi nə tövr rizaməndlik etsin. İrana əvvəl viruddan Xəlilin zəkavəti, çapıqlığı, ayıqlığı Ağa Hüseyni təəccübə gətirdi. Ağa Hüseyn öz dəstpərvərdəsinin bu qabiliyyətini görüb, artıq xoşhal olub fəxr edirdi. Lazım olan qədər xüşkəbər alıb ulaqlara yükləyib yola saldılar. Xəlil Ağa Hüseyndən soruşdu ki, nə üçün ulaqları kirayəsinə tutursan? Ağa Hüseyn soruşdu ki, bəs necə olsun? Dedi: – Yaxşı olar ki, ulaqları da pulla alaq, tainki vətəndə həm xüşkəbəri, həm də ulaqları qazancına sataq. Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir az böhtə gedib dedi: – Bala, bu maddə ki səndə var, inşallah gələcəkdə çox böyük sövdəgər olarsan. Gələn il dəxi mən gəlməyib səni Irana tək alış-verişə göndərəcəyəm. O il Ağa Hüseyn çox böyük nəf elədi və bu nəfi də Xəlilin ayağının sayəsindən hesab edirdi. İkinci il Ağa Hüseyn Xəlilin əlinə böyük məbləğ verib, tək İrana göndərdi və bu səfərdə Xəlil yenə artıq diqqət və qabiliyyət göstərib, güclü mal alıb qayıtdı və o il Ağa Hüseynin nəfi keçən ildən artıq oldu. Xəlilin bu zəhmətinə görə Ağa Hüseyn o ilin mənfəətinin yarısını ona bağışladı. Bu ildən də sonra yenə Xəlil üç dəfə Iran səfərinə gedib, hər dəfə baqaidə xeyir edib qayıtdı. Bir gün Ağa Hüseyn Xəlili çağırıb dedi: – Oğul, budur, neçə ildir mənim yanımda qulluq edirsən və mən də bu müddətdə sənin mənə aybaay verdiyin pullarla sənin üçün alışveriş etmişəm. Bu gecə hesaba baxıb görürəm ki, sənin məndə səkkiz min manata qədər pulun var. Bu pulla sən özün üçün məxsus bir alışveriş aça bilərsən. Özün də qabil oğlansan; demək olar ki, anadan dünyaya tacir gəlibsən. Mənim borcumdur sənə təklif edim, istəsən mənim yanımda qalarsan, ya ayrı iş başlamaq xahiş edərsən. Xəlil cavab verdi ki: əmi (axır vaxtlar Xəlil Ağa Hüseynin öz xahişinə görə ona əmi deyirdi), o yaxşılıq ki İndiyə qədər mənim haqqımda edibsən, məni sənə həmişəlik qul edib və səndən ayrıla bilməyəcəyəm. Amma təvəqqe edirəm ki, məni özünə öz puluma görə şərik edəsən, ta yenə bir yerdə ticarət edək. Ağa Hüseyn Xəlilin üzündən öpüb dedi: – Oğlum, sən ki belə istiqamətli oğlansan, Allah sənin başından tökəcək. Başqa adam səkkiz min adı eşitsə idi o saat azıb yolundan çıxardı. Haman il Xəlil bacısını ərə verib, özü də evlənmək fikrinə düşdü. Fikrini anasına izhar etdi və anası gedib Mirzə Nəsibin nəvəsini ona istəyib aldı (haman o qızı ki, bu saat Hacı Xəlilin yanında oturub ağlayır). Mirzə Nəsib vəfat etmişdi və külfəti həmişə Ağa Hüseyndən və Xəlildən ianə alıb dolanırdı. Xəlilin toy xərcini Ağa Hüseyn öz öhdəsinə götürüb əlavə yaxşı peşkəşlər özünə və övrətinə verdi. Bundan sonra yeddi il Xəlil və Ağa Hüseyn bir yerdə alış-veriş etdilər. Səkkizinci il Ağa Hüseyn vəfat etdi və onun var-yoxu keçdi qardaşının əlinə, çünki Ağa Hüseynin özünün zürriyyəti yox idi. Ağa Hüseynin vəfatından sonra Xəlil ayrılmaq istədi, hesab çəkdilər. Xəlilin payına yetmiş İki min manat pul düşdü. Bu gündən Xəlil həm ev və həm alış-veriş sahibi olub, özü üçün məxsus bir dükan açıb başladı Iranla ticarəti. Bir neçə ildən sonra Xəlilin alış-verişi böyüdü və Xəlil Irandan başqa Buxara və İstanbulla əlaqə bağladı. Əlli yaşına yetişəndə Məkkeyi-mükərrəməni ziyarət edib hacı ləqəbi ilə müləqqəb oldu. Hacı Xəlil öz qabiliyyətinin, bacarığının və kəmalının səbəbinə şəhərdə, tacirlər arasında əvvəlinci şəxs hesab olurdu. Axirüləmr öləndə iki böyük evi və milyondan ziyada pulu var idi. Hacının zikr olan günləri necə ki, ərz olundu, bir-bir gözünün qabağından keçirdi. Zamani ki, hacı öldüyünü hiss etdi, yerindən hövlnak gözün açıb, yastıqdan başını qovzayıb üzünü tutdu oğluna, dedi: – Bala, Əkbər, yaxınıma gəl. Əkbər kürsünün üstündən düşüb atasının yanında əyləşdi. Hacı Xəlil Əkbərin əlin əlinə alıb bir basdı ürəyinə, dedi: – Oğul, mənim ömrümdə Allah mənə neçə oğul və qız verib, yenə məsləhət bilib əlimdən alıb. Mənim və bu yazıq ananın ümidi və gözünün axır dikəcəyi dünyada sən olubsan. Yüz zəhmətlə səni mən bu boya yetirmişəm, lazım olan tərbiyəti sənə vermişəm. Hərçənd işqoladan yarımçıq çıxıbsan, amma yenə heç olmasa sənin savadın və qabiliyyətin işqola qurtarmış adamların savadından və qabiliyyətindən az deyil idi. Bala, mənim ömrüm qurtarıb, ölürəm. Ona görə istəyirəm sənə bir neçə vəsiyyət eləyim. Mənim vəsiyyətim qoca, dünya görmüş və səni İki gözündən artıq istəyən ata vəsiyyətidir. Əgər əməl eləyəsən ziyan çəkməzsən. Əvvəl, bala, bu qoca anan ki, burada oturub, sənin çox zəhmətini çəkib, sənə süd verib, gündüzlər və gecələr gözlərini sənin gözlərinə dİkib və rahat olmuyub, nə yatmayıb, səni dizlərinin üstə bəsləyib, sənin barəndə cəmi analıq haqqını yerinə yetirib. İndi də ömrü keçib, əldən düşüb, sən də onu axır günündə gözdən qoymuyasan, həm mənim ruhum səndən razı olar, həm Allah. İkinci vəsiyyətim sənə budur: əgər yenə istəyəsən mənim ruhum səndən razı olsun, bu qoca Kərbəlayı Qulaməlidən muğayat ol. Çünki onun ömrü bu qapıda nökərçilikdə keçib. Bu kərbəlayı yaxşı kişidir, Allah bəndəsi, doğru, dürüst adamdır. Hörmətəlayiq kişidir. Necə ki mən onu İndiyə qədər saxlamışam, sən də onu elə saxla, Allah səndən razı olar. Kərbəlayı Qulaməli hacının bu sözlərini eşidəndə uca sövt ilə hönkürüb bihal dizi üstə çökdü: “Ağa, Allah məni səndən sonra dünyada qoymasın” – deyib qışqırtı ilə ağladı. Hacı əli ilə ona işarə edib guya sakit ol, dedi və sonra yenə üzünü çöndərdi oğluna tərəf və söylədi: “Bala, mən həştad beş il dünyada ömr etmişəm. Bu tul ömrümdə çox vilayətlər gəzib cürbəcür adamlara rast gəlmişəm: deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Ona görə bir neçə nəsihət də sənə eləyəcəyəm. Amma dürüst qulaq açıb, dürüst də qulağında saxlayasan. Əvvəla, bala, bu gündən ömrünün axırınadək sən bunu heç xəyalından çıxartma ki, müsəlmansan. Quranın və peyğəmbərin şəriətinin hökmlərinə həmişə itaət elə və bilgilən ki, bu itaətin axirət ruyi-səfidliyindən səvay, dünya xoşbəxtliyi də səninlə olar və Allahın əli və kölgəsi heç vaxt sənin üstündən kəm olmaz. Oğul, cavansan, cavanlığın səhv və xatası olar, çalış xəta etmə. Əgər, xudanəkərdə, səndən bir səhv baş versə, tövbə elə, həmişə səy elə heç kəsə sənin nə dilindən, nə əlindən və nə əməlindən ziyan dəyməsin. Bacar dünyada hamıya yaxşılıq elə, kömək istəyən və sənin pənahına qaçanı heç naümid qaytarma, çünki acizə, mərizə, yoxsula kömək eləmək yaxşı sifətlərin biridir. Oğul! Mən sənə çox dövlət və mülk qoyub gedirəm və bu dövlətin binası mənim savadım olub. Ona görə, bala, övladın olsa bitərbiyə qoyma və elm axtaran fəqir uşaqlarına həmişə kömək elə. Çünki onlar oxuyub adam olsalar, sən onlara baxdıqca həmişə şad olub və bu şadlıqdan bir ayrı cür ləzzət aparacaqsan. Yaman yoldaşdan, oğul, həmişə uzaq qaç. Çünki yaman yoldaş səbəbinə insan min bəlayə düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Yenə deyirəm, aman yaman yoldaş əlindən! Hacı Xəlilin səsi gəldikcə zəifləşirdi, axırda nəfəsi bilmərrə qət olub yavaş-yavaş dodaqları tərpənirdi. Yəqin nəsihəti qurtarmamışdı, hərçənd səsi gəlmirdi, axır qalan nəfəsi ilə ürəyini boşaldırdı. Axırüləmr nəfti qurtarmış çıraq tək Hacı Xəlil söndü, əli boşalıb Əkbərin əli xilas oldu. Hacının evindən nalə bülənd olub, məhəllə əhlinə onun vəfatını bildirdi. Hacı Xəlil vəfat etdi. Yəni dünyadan bir şəxs rehlət etdi ki, neçə füqəra əlini tutmuşdu, ac qarınlar doydurmuşdu. Çılpağa libas vermişdi. Ona görə bu şəxs nəinki öz xiş və əqvamının, bəlkə cəmi şəhər əhlinin əlindən getdi. Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala və ehtiram və rəhmətlə yad ola: Dövləti-cavid yaft hər ki, nigunam zist, Kəz əqəbəş zikri-xeyr zində künəd namra. II Əhli-şəhr Hacı Xəlilin vəfatından müxbir olub, cəm oldular onun evinə. Aparıb nəşini dəfn etdilər və el adəti ilə üç gün baqaidət təziyə saxlayıb, üçüncü gün Əkbəri gətirib, atasının dükanını açıb əyləşdirdilər və xeyir-dua verib, “Allah səni atayın yurdunda qayim və qədim eləsin” deyib hər kəs öz evinə getdi. Bu gündən Əkbər hər bir ixtiyaratı əlinə alıb Hacı Xəlil mərhumun məsnədində əyləşdi. Əkbər dükanda əyləşib başladı alış-verişi. Bir neçə aydan sonra bir gün Əkbər dükanda ikən gördü onun qədim şkola yoldaşı Rüstəm dükana girdi. Əkbər yoldaşının gəlməyinə çox şad olub, nökəri göndərdi çayçı dükanından çay gətirsin, əyləşdilər söhbətə. Əkbər Rüstəmi neçə il idi görməmişdi, ona görə gözün onun üzündən kəsməyib danışığına qulaq asırdı. Amma Rüstəmin sifətində heç cavanlıq nişanəsi görünmürdü, hərçənd onun sinni Əkbərdən artıq deyildisə də, yenə ondan on beş yaş böyük görünürdü. Gözlərinin altının göyərtisi onun yuxusuz gecələr keçirməyinə şəhadət edirdi. Əkbər, yoldaşının bu neçə ildə harada olduğunu sual elədi Sədinin “Gülüstan” əsərindən bir beytdir. Məzmunu: yaxşı ad qazanan daimi bir zənginlik tapmışdır. Çünki dalınca xeyir danışılan adamın adı ölməz. Rüstəm papağı götürüb yerə qoydu və cibindən bir gümüş papiros qutusu çıxardıb Əkbərə təklif elədi və Əkbərin papiros çəkməməyini bilib, özü birini yandırıb bir-İki qullab alıb dedi: – Qardaşım Əkbər! Bu neçə ildə başıma o qədər qəzavü-qədər gəlib ki, nə deməklə və nə yazmaqla qurtarmaz. Vallah, bilmirəm haradan sənə söyləyim – Parisdənmi, Berlindənmi, Vyanadanmı və yaxud bizim Peterburqdanmı?! Sən bilirsən ki, mən burada oxumaq istəməyib, atama dedim ki, gərək məni hökmən Parisə göndərəsən. Yazıq kişi də nə anlayır ki, dördüncü klasdan qaçmış heyvanı Parisin heç bir tövləsinə qoymazlar. Kişidən min manat pul vurub “ağanı Allah saxlasın”... birbaş Parisə, Paris nə Paris! Yer üzünün behişti desəm yenə xəta eləməmişəm! Nə küçələr, nə bazarlar, nə mehmanxanalar, nə teatrlar və kafeşantanlar!.. Görəsən bilmərrə əqlini itirib dəli olarsan. O xanımları ki mən Parisin kafeşantanlarında görmüşəm, sən görəsən Məcnunə dönüb biyabanə düşərsən. Necə xanımlar: şəhbaz baxışlı, ahu gözlü, şirin hərəkətli, şəhd sözlü! Sən də deyirsən dünya görürəm? Ərik, kişmişin şirəsinə bulana-bulana gün keçirirsən, deyirsən ki, elə dünyanın zindəganı budur. Bu yerdə Əkbər Rüstəmin sözünü kəsib dedi: – Rüstəm, bağışla, sən dünya görmüş adamsan, amma mən avamam, bəs biriki dəfə kafeşantan sözü dedin, o nə deməkdir? – Kafeşantan, yəni xurma çuvalı... xa-xa-xa!.. Kafeşantan, yəni behiştin bir guşəsi! O yerdir ki, orada həm ruhun ləzzət aparır, həm bədənin! O yerdir ki, orada cəmi dünyanın qeydi yadından çıxır, yəni gözəllər məclisi, yəqin Sədidə oxuyubsan: “Bə məcmən ki, dər ayənd şahidani dü aləm!” Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən bilməzsən. “Şənidən key büvəd manəndi didən”. Dəxi nə ərz eləyim, üç aydan sonra baxdım gördüm min manatdan ancaq İki yüz frank ki, eləsin bizim pul yetmiş beş manat, cibimdə pul qalıb. Atama tel vurub min manat da istədim və daldan da bir kağız yazdım ki, hər ay mənə üç yüz manat pul göndərməsən özümü öldürəcəyəm. Atam min manatı göndərib, sonra da bir kağız yazmışdı ki, Bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər. Eşitmək hara, görmək hara! “bala, mənim gözümün ağı-qarası sənsən. Dövlətim hamısı sənə qalasıdır. Mən sənə ayda beş yüz manat da göndərim, ancaq sən oxu, adam ol və korluq çəkmə”. Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək. Mən də ona baxıb fəxr edəcəyəm, dəxi demirdi ki, oğlu pulu ondan ötrü istəyir ki, onun vasitəsi ilə dünyadan kam alsın. Bir də sənə deyim ki, mənim atamdan axmaq kişi dünyada az tapılar. Belə güman edir ki, dünya ondan ötrü yaranıb ki, bazara gedib, evə gəlib çörək yeyib, namaz qılıb yatasan. Neyləyim, bircə gecə kafeşantanda əyləşə, onda görər ki, dünya nədən ötrüdür və insan nə üçün yaranıb. Yazıq kişi, əvam kişi! İndi, Əkbər, bircə mənə de görüm, sən nəyə lazımsan oturubsan bu fındığın, şabalıdın içində, özünü də çəkibsən, elə bilirsən adamsan? Adam deyilsən, heç zad deyilsən! Amma mənim sənə yazığım gəlir, gərək sənə dünyanın ləzzətin göstərəm. Sən bir fikir elə gör, bu növ alış-veriş sənin özünə, dövlətinə yaraşarmı? Atan kişmiş, xurmaya uşaqlıqdan adət etmişdi, ona görə ayrı alış-verişə həvəsi yox idi. Amma keçmiş zaman bir ayrı, bu zaman bir ayrı! Sən mənim məsləhətimə bax: bu dükanı bağla, bir ayrı bəzzaziyə mağazası aç, get Moskvadan, Peterburqdan, Parisdən mal gətir. Həm alış-veriş elə, həm də dünyadan ləzzət apar. Əgər xahiş etsən, əvvəl səfərdə mən özüm də sənə yoldaş ola bilərəm. Sən belə güman etmə mən işrət mədənlərindən savayı heç bir yerə bələd deyiləm. And olsun sənin canına, elə alışveriş elərəm ki, bir tacir bacarmıya. Xülasə... Rüstəm öz sərgüzəştindən bu növ nəql edib Əkbərin halətini digərgun etdi. Axır ayağa qalxıb Əkbərdən üç günün müddətinə yüz manat qərz alıb yola düşdü. Rüstəm getdi, Əkbər isə dükanda qərarı gəlməyib axşama bir-iki saat qalmış dükanı bağlayıb evə getdi. Anası sual etdi ki, “bala, nə üçün belə tez qayıtdın?”. Cavab verdi: “Ana, başım bərk ağrıyırdı, otura bilməyib gəldim yatağa”. Bu, əvvəlinci yalan idi ki, Əkbər anasına dedi. Əkbərin anası qalxıb istəkli oğlu üçün rəxti-xab hazır elədi və onu yatırtdı və Kərbəlayı Qulaməli də başının üstündə oturub onun alnını ovmağa məşğul oldu. O gecə sübhədək Əkbər yata bilmədi. Çünki onun xəyalatı gah Parisin “Bolon meşəsini” və kafeşantanlarını, gah Peterburqun Nevski Borc prospektini, gah Berlinin “Cökə xiyabanını” gözünün qabağından keçirirdi. Sübh Əkbər bir şiddətli baş ağrısı ilə oyandı və o günü naxoş olub dükana gedə bilmədi. O biri gün dəftəri qoltuğuna vurub gəldi dükana. Günorta vaxtı Rüstəm gəlib soruşdu ki, qardaş, nə üçün dünən dükanda yox idin. Cavab verdi ki, başım ağrıyırdı, naxoş idim. Çünki səndən ayrılandan sonra gedib bədxab olub, sübhədək yata bilməmişəm. Rüstəm dedi ki, bu gecə də mən səni qoymayacağam yatasan; mən səni bir qəribə yerə aparacağam ki, İndiyədək elə yer görməyibsən və məndən də soruşma ki, səni hara aparacağam. Gedərsən, görərsən. Get evə, faxir libasını gey, azandan bir saat keçmiş mən özüm sənin dalınca gələcəyəm. Əkbər cavab verdi ki, bəlkə anam razı olmadı. Bu cavaba Rüstəm qarnından yapışıb, yarım saat gülüb dedi: “Ay yazıq uşaq, hələ sən ana ixtiyarından çıxmayıbsan? Rəhmətlik oğlu, sən böyük kişisən, ana nədir, səni qurd yeməyəcək, pişik yeməyəcək! Amma İndi ki belədir, deyərsən:“Rüstəm məni evlərinə qonaq çağırıb və deyibdir ki, gəlməsən inciyərəm” və söz də verərsən ki, tez qayıdarsan”. Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi. Axşam Əkbər evə gəlib anasından izn istədi və vədə də verdi ki, tez qayıtsın. İzn alıb təzə libas geyib Rüstəmə müntəzir oldu. Bir az vaxtdan sonra eşitdi ki, qapını dəqqilbab edirlər, bildi ki, Rüstəmdir. Çıxdı küçəyə, gördü Rüstəm bir faytonla qapıda durub. Rüstəm Əkbəri yanına alıb faytonçuya buyurdu: “Sür!” Faytonçu tiri-şəhab tək sürüb bir mehmanxananın qabağında dayandı. Əkbər sual elədi ki, Rüstəm, bu nə yerdir məni gətirdin? Mən indiyədək bir mehmanxanaya girməmişəm. Rüstəm dedi: – Heç danışma, sənin borcun itaətdir. Faytonçunu yola salıb, Əkbərlə qol-qola verib pilləkəndən yuxarı çıxdı. Yuxarıda qulluqçu otağın qapısını açıb, özü iki əlini yanına qoyub, soldat misal durub onları içəri saldı. Əkbər otağa girəndə gördü ki, ortalıqda ağ süfrə ilə örtülmüş mizin ətrafında iki nəfər cavan rus oğlanları və İki rus xanımları əyləşib söhbət edirlər. Əkbər belə güman etdi ki, səhvən özgə otağa giriblər, çox xəcalət çəkdi, amma Rüstəm onun çiyninə vurub dedi: – Qardaş, bu məclisi mən qabaqca burada hazırlayıb, sənin dalınca gəlmişəm. İrəli gəl, səni aşna eləyim. Əkbərin qolundan tutub əyləşənlərə tərəf çəkdi və oğlanlar ayağa qalxıb onların qabaqlarına gəldilər. Rüstəm əvvəl Əkbəri onlarla tanış elədi və sonra xanımlara tərəf Əkbəri aparıb dedi: – Xanımlar, təvəqqe edirəm bu balaca ana uşağı ilə tanış olasınız, hələ bunun dodağından ana südü qurumayıb, özü də çox yaxşı uşaqdır və anasından nəhayət dərəcədə qorxur. Xanımlar təbəssümlə ona əl uzatdılar. Əkbər burnunun ucunadək qızarıb bir tövr öz familiyasını dedi. Dərhal çay və həlviyat mizin üstündə hazır oldu. Əkbər bir stəkan çay götürüb başladı içməyə, ancaq binəva özünü belə itirmişdi ki, bilmirdi çayı qulağınamı, ya burnunamı içsin. Amma Rüstəm, İki nəfər rus və xanımlarla otağı bir sərçəli samanlığa döndərmişdilər. Orada olan danışıqlar, şivələr, hərəkətlər hamısı Əkbər üçün bir təzə şey idi. İkinci dəfə çay gələndə, Əkbər stəkanı götürüb, çəkilib kənarda bir divan üstündə oturdu. Rüstəm isə xanımların birinə göz elədi və xanım gedib Əkbərin yanında əyləşib başladı onunla şivə ilə söhbət etməyə. Biçarə Əkbər xəcalətdən bir hala düşmüşdü ki, əgər bir hazır qəbr yerdə tapsa idi, əlbəttə, təvəqqe elərdi ki, onun orada dəfn etsinlər. Gah tərləyirdi, gah qızarırdı, gah saralırdı. Bilmirdi nə desin, nə cavab versin. Hər şeydən ağır Əkbərə yoldaşlarının xəlvət gülməyi gəlirdi. Nökər daxil olub, mizin üstünü təmizləyib başladı onun dörd ətrafına rəngbərəng şamlar düzməyə. Əkbər təəccüblə buna baxanda xanım soruşdu ki, yəqin bəs bunlardan bir şey başa düşməyirsən, görünür, sən, həqiqətin balaca uşaqsan: qoy mən səni başa salım. Bu büsat şampanski büsatıdır. Şamları yandırandan sonra nökər gedib bir neçə şüşə şampan şərabı gətirdi, şüşənin ağzı tapança kimi açılanda Əkbər səksəndi və buna da xanımlar artıq güldülər. Əkbərin yanında əyləşən xanım qalxıb İki piyalə şərab töküb birini özü alıb, birisini Əkbərə uzatdı, dedi: – Təvəqqe edirəm bu piyaləni mənim sağlığıma içəsən! Əkbər dayandı. Bilmədi nə eləsin. Məclis hamısı töküldü binəva Əkbərin üstünə ki, əgər bu şərabı içməsən, əvvəl öz avamlığını sübut edirsən və İkincisi bu xanımı özündən artıq incidirsən. Rüstəm, əlində piyalə, qalxıb üzün Əkbərə tutub dedi: – Qardaş, xahi nəşəvi risva, həmrəngi cəmaət şov!. Heç danışıq yeri deyil və dayanmağın da mənası yoxdur, labüd gərək içəsən, “begir in cami-təlx əz dəsti-şirin”. Biabır olmaq istəməyirsənsə, camaatla həmrəng ol. Bu acı piyaləni şirin əldən al. Əkbər bilmərrə özün itirib, bixub şərabı xanımın əlindən alıb başına çəkdi. Məlumdur ki, hər bir günaha əvvəl qədəm qoymaq çətİndir. Əkbər şərabı içəndən sonra o biri xanım ayağa durub xahiş etdi ki, onun sağlığına da içsin. Binəva Əkbər labüd qalıb ikinci piyaləni həm boşaltdı. Sonra Rüstəm, əlində piyalə, ayağa qalxıb dedi: – Camaat, bizim bu gecəmiz çox əziz gecələrdən oldu. Çünki bu gecə bir dünyadan bixəbər ana uşağını səvəba daxil etdik və mən bu məlum gecədə sizə söz verirəm ki, bir azdan sonra Əkbər kimi şürbi cəmi şəhərlərdə tapılmasın, ona görə təvəqqe edirəm ki, şeytan kargahının bu təzə fəhləsinin sağlığına içək. Əkbər qardaş, sağ ol! Qonaqlar hamısı piyalələrini Əkbərin sağlığına boşaltdılar. Rüstəm Əkbəri başa saldı ki, gərək o yığıncağın sağlığına içsin. Çünki qayda belədir. Əkbər naəlac qalıb yenə şərabı içdi. Üçüncü piyalədən sonra Əkbərin dili açılıb başladı bilafasilə danışmağa və piyalələri boşaltmağa. Axır keflənib divanın üstə yuxulayıb yatdı. Bir vədə eşitdi ki, bağırırlar. Oyanıb gördü ki, sübh açılıb, amma yoldaşlar içirlər. Rüstəm dedi: – Əkbər, bu dəfə sənə kifayət elər. Belə-belə öyrənirsən! Ayaq bir-bir qoyarlar nərdivana. Camaat ayağa qalxıb nökəri çağırıb buyurdular hesab gətirsin. Əkbər istədi pul versin, qoymadılar. Amma dedilər ki, gələn bu gün həmən bu mənzildə sənə qonaq ola bilərik. Əkbər çox şadlıqla onları qonaq çağırdı. Əkbər çıxıb faytona minib yola düşdü və yolda fikir edirdi ki, anasına nə cavab versin. Evə gəlib gördü anası yatmayıb və gecə yarısı Kərbəlayı Qulaməli də İki dəfə Rüstəmin evinə gedib, hər dəfə deyiblər ki, Əkbər orada yoxdur. Əkbər anasının sualına başladı növbənöv hədərən-pədərən cavab verməyə: gah dedi, Rüstəmgildə, gecə keçməyinə görə yatmışdım; onun üçün elə deyiblər. Gah dedi, xoş gecə olmağına görə Rüstəmlə şəhər kənarına səyahətə çıxmışdıq. Axır, elə gördü anası onun yalanının anlayıb dedi: – Ay rəhmətliyin qızı, az çürüyünə çəksənə, nə çox çövürüb soruşursan! Nə vaxtadək məni uşaq kimi güdəcəksən! Əkbərin anasına bu növ cavabı nə tövr təsir etdisə, binəva övrət o gün axşamadək ağladı və bir-İki dəfə Kərbəlayı Qulaməliyə dedi ki, kərbəlayı, deyəsən Hacı Xəlilin yurdunda bayquş uluyacaq! Amma kərbəlayı cavab verdi ki, uşaqdır, beyni qandır; mən ona nəsihət elərəm, inşallah, düzələr. Əkbər anasının məğlubə olmağından əvvəl dilgir olub və sonra öz-özünə dedi ki: bu yaxşıdır, bundan sonra yoldaşlar mənim adımı “ana uşağı” qoyub tənə etməzlər. Gələn həftə Əkbər Rüstəmə xəbər verdi ki, axşam məclisi tərtib eləsin və axşam anasından biizn evdən çıxıb mehmanxanaya, haman otağa gəlib gördü Rüstəm bir böyük övrət və kişi məclisi tərtib eləyib. Əyləşdilər kefə. Amma Əkbər içən deyildi. Rüstəm yeyirdi, içirdi, söhbət edirdi və hamı da, ələlxüsus xanımlar ona afərin deyirdilər. Sübhədək kef edib Əkbər min manatdan artıq pul verib evə gəldi. Evdə anası oğlunun nə yerdə olduğunu nə qədər soruşsa da, Əkbər cavab verməyib axır qəzəbnak: “Bir yol, sənin borcun deyil!” – deyib, gedib yatdı. Binəva övrət xiffətindən naxoşluğa düşüb, bir neçə gün yatıb tanrı rəhmətinə getdi. Bir-İki ay anasının vəfatından sonra Əkbər dükanı bağlayıb, evi kərbəlayı Qulaməliyə tapşırıb Rüstəmlə bir yerdə yola düşdü Moskva şəhərinə, bəzzaziyyə malı gətirib təzə mağaza qoymağa. Moskvadan yolları düşdü Peterburqa, oradan Berlinə, Berlindən Parisə. Bir ay sərasər Rüstəm Əkbəri Parisin işrətxanalarında gəzdirib öz gününə saldı və bu səyahət Əkbərə yüz min manatdan artığa durdu. Axır Parisdə bir gözəl (madam San Fua adlı) xanıma bənd olub, ildə iyirmi dörd min manata danışıb və qabaqca neçə min manatlıq libas və cavahirat alıb, özü ilə vətənə gətirib mehmanxanada mənzil verdi. Və başladı evin övzaını dəyişməyə. Otaqları Yevropa qaydasına salıb, baha qiymətlərə miz və sandallarla müzəyyən edib və madam San Fua üçün bir gözəl otaq hazırlayıb köçürtdü evinə və qoca Kərbəlayı Qulaməliyə yüz manat verib rədd etdi və əvəzinə bir aşpaz, bir lakey və madam üçün bir qız qulluqçusu baha qiymətə tutdu və sonra bir fayton, bir kareta və dörd rəs Orlovski at böyük məbləğə alıb madama peşkəş elədi. Madam San Fua Əkbərin canına bir yaman zəli olub başladı müdam onun qanını sormağa. Bir gün Əkbər evə peşkəşsiz gələndə axşamadək madam onu dİndirmirdi. Hər gecə Əkbərin evində qumar məclisi qurulub, otuz minlərlə pullar uduzulurdu və hər gecə də Rüstəm öz yoldaşları ilə Əkbərin evində qonaq idi. Əkbər ticarəti əldən buraxmışdı və işi ancaq eyş-işrət və qumar idi. Bir gün Əkbər ayılıb gördü ki, atasından qalan evlərin ikisi də girov qoyulub və cibində də pul qalmayıb. Hacı Xəlildən qalan dövlətin hamısı Yevropa səyahətinə, içkiyə, qumara, madamın məvacibinə və peşkəşlərinə gedib. Axır bir gün madam San Fua Əkbərə məlum etdi ki, daha onunla ola bilməyəcək, çünki budur İki aydır ona pul çatmır və peşkəş gəlmir. Xülasə, Əkbər dövləti itirib, ona sahiblik etməyə qabil deyildir. Əkbər nə qədər ağladı, yalvardı, kar görmədi. Madam öz şeylərini yığıb mehmanxanaya köçdü. Əkbər hirsdən və xiffətdən naxoş oldu. Rüstəm bir-İki dəfə onun yanına gəlib sonra tərəddüdü kəsdi. Axır Əkbər ona yazıb təvəqqe etdi ki, bir yanına gəlsin. Cavab gəlmədi. Bir gün Əkbərə xəbər gətirdilər ki, Rüstəm madam San Fua ilə yaxınlaşıb və madamın xərci ilə, onunla mehmanxanada olur. Bu xəbər Əkbəri lap mütəğəyyir etdi. Əkbər bir aydan ziyadə naxoş yatıb durdu ayağa. Bir gün küçə ilə gedərkən gördü bir gözəl faytonda Rüstəmlə madam San Fua çox mehriban əyləşib ona tərəf gəlirlər. Əkbər əl elədi, faytonu saxladılar. Yaxına gəlib bir güllə madama, birini də Rüstəmə vurub hər İkisini öldürdü və oradan gedib özünü divana təslim etdi. İki ildən sonra movqiflərin birinə varid olub gördüm qoca Kərbəlayı Qulaməli movqifin qabağında dalını divara söykəmiş əyləşib. Soruşdum: – Kərbəlayı, sən hara, bu yerlər hara? Dedi: – Qurbanım olum, əlacım nədir. Qırx il atasının çörəyini yemişəm, əgər onun yaman günündə gözdən qoysam, o çörək mənim gözlərimə durar. Dedim: – Kərbəlayı, başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir? Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu: – Gördün? Dedim: – Gördüm, Kərbəlayı, bunu haraya aparırlar? Dedi: – Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm. Dedim: – Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən? Dedi: – Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm. Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı. Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi: – Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın. Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü: “Ba bədan yar gəşt həmsəri-Lut “Bu bədan yar gəşt həmsəri-Lut Xanəndani-nübüvvətəş güm şüd” Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi. * * * Ayın şahidliyi Ey gahi qədim kimi xəmidə, Gahi pür olan misali-didə. Füzuli Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi. Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlumməzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular. Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, üy qalxızıb səs salanın başı gərək kəsilsin! Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi. Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi. O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi: – Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olmasaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim: Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: İndi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar. Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndialəm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”. Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!” Səlman dedi: “Belə olan surətdə izn ver İki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm. Səlman İki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”. Sonra kəlmeyi-şəhadətini deyib üzün quldura tutub dedi: “Qardaş, imdi ixtiyar sahibisən, əgər məni öldürmək fikrindən daşınmayıbsan ki, bismillah, sözüm yoxdur, amma bil ki, mənim qanımı allah yerdə qoymayacaq”. Quldur heç bir söz deməyib, tüfəngini düzəldib Səlman kişinin ürəyindən bir güllə vurub onu qətlə yetirdi və sonra onun atını, çitini, libasını götürüb yola düşdü. Sübh kənd əhalisi Səlmanın meyitini tapıb, bir ata yükləyib dəfn üçün kəndə apardılar. Səlmanın balaca yetimlərinin, ələlxüsus on yaşında bir qızının nalə və şivənini heç bir qələm yazmağa qadir deyil. Hər bir oxucu özü yeddi nəfər yetim qalmış xırda balaların halətini təsəvvürünə gətirə bilər. Səlmanın ölümündən beş-altı ay keçmiş, onun cavan qardaşı Süleyman bir qan üstündə müttəhim olub dustaqxanaya salındı. Bu oğlan bisahib və qan tərəfi zorlu olmağına görə göstərilən şahidlər gedib divanda yalandan and içib qanı cavan Süleymanın boynunda qoydular. Bu binəvayə neçə il katorqa kəsildi. Bir neçə vaxtdan sonra Süleyman mümkün tapıb dustaqxanadan qaçıb, quldurlar dəstəsinə qoşuldu və bu dəstənin də başçısı haman onun qardaşı Səlmanın qatili quldur idi. Süleyman öz qardaşının qatili ilə neçə müddət yoldaşlıq etdi. İttifaqən bir gecə bu iki yoldaşın yolu haman Səlman ölən dərədən düşdü. Dərənin içində quldur çox ucadan güldü. Süleyman onun belə gülməyinin səbəbini soruşdu. Quldur cavab verdi ki, vallah, gülməyimə bir elə artıq səbəb yoxdur, ancaq bir keçmiş əhvalat yadıma düşdü, ona görə güldüm. Süleyman təkidlə soruşandan sonra quldur cavab verdi ki, neçə il bundan əqdəm burada bir çərçi öldürdüm və o çərçi ölən vaxt Ayı, ulduzu, daşı, torpağı özünə şahid qayırdı. İndi yadıma düşüb, o çərçinin axmaqlığına gülürəm. Süleyman bu sözü eşidən kimi təəccüblə barmağını dişləyib dedi: “Bəli, dünyada belə qəribə işlər çox ittifaq düşər”. Yoldaşlar dərədən çıxdılar düzə. Bir az keçəndən sonra Süleyman atının irəşini düzəltmək bəhanəsi ilə düşüb geridə qaldı və quldur getdi qabağa. Süleyman quldura bir az ara verib, tüfəngi düzəldib onu kürəyinin ortasından vurub, öz qardaşının qanını aldı... Əmim nağılını qurtarıb dedi: “Bala, Allah heç nahaq qanı yerdə qoymaz və Ay, ulduz, daşlar, ağaclar Allahın hökmü ilə bu növ şəhadət edə bilərlər”. Qocanın nağılı tamam oldu, amma onun əvvəl sualı heç mənin başımdan çıxmadı. Öz ürəyimdə bir ucdan bu sualı verirdim: “Nə üçün bu göydəki Ay danışmır? Nə üçün onun dili yoxdur? Ah... Nə olaydı bu Ay mənimlə bir az söhbət edə idi!” Bu xəyalla məni yuxu tutub yatdım. Gecə röyada gördüm: Ay yerindən hərəkət edib mənə tərəf enir, dedim: “Məramıma çatdım, yəqin mənimlə söhbət edəcəkdir”. Həqiqət, Ay gəlib bərabərimdə durub dedi: “Doğrudur, mən dünyanın xilqətindən yerin ətrafına dolanıram. Mən Həzrət Adəmin Həvva ilə bərabər behiştdən ixrac olunmaqlarını görmüşəm, mən Həzrət Musanın Turda minacatlarını eşitmişəm, mən Həzrət Yusifin quyu dibində üstünə işıq salmışam və Həzrət Yəqubun gecələr naləsini və “oğul vay” sədasını eşitmişəm. Mənim şəfəqim Misir fironlarının, Roma qeysərlərinin, Kəyaniyan və Sasaniyan şahənşahlarının, Bəni-Ümməyyə, Bəni-Əbbasiyyə xüləfasının qəsrlərinə, turan və türk xalqlarının qəsrlərinə düşübdür. Mən islamın tərəqqi və tənəzzülünün şahidi olmuşam. Mən o gecənin şahidiyəm ki, peyğəmbər axirəzzaman bir neçə nəfər əshabi ilə Məkkənin kənarında bir dağın başında durub deyirdi: “Mənim yoldaşlarım, mənim əzizlərim, Məkkə əhli bizə dünyanı təng edib, bunlar bizi öldürüb, dini-mübini yox edəcək. Məsləhət budur ki, burada bölünüb İki dəstə olaq, yarımız Həbəşə tərəf, yarımız Yəsribə tərəf getsin. Əgər dəstənin biri tələf olsa, bəlkə o birisi salamat gedib, bir yana çıxıb dini-islami nəşr edə. Və mən o gecənin şahidiyəm ki, meydani- Kərbəlada peyğəmbər övladı, sübhədək ənvari-qüdsiyyə içində, din yolunda şəhadətə hazırlanırdılar... İslamın yolunda mən neçə davalar, neçə cahadlar görmüşəm, odur ki, müsəlmanlar məni özlərinə bir əlaməti-məxsusə ittixaz etmişlər. Amma İndi bu millətin əhvalına nəzər etdikcə deyirəm ki, lal olub danışmamaq məsləhətdir. Mənim üzümdə siz bir qara görüb onu ləkə hesab edirsiniz. Xeyr, o, qara ləkə deyil, bəlkə mənim ahımın tüstüsüdür ki, əqvami-islamiyyənin hər cəhətdən cəmi millətdən geri qalmağını görüb ciyərimdən çıxardıram!..” Bu halda xoruzlar banlayıb məni yuxudan oyatdılar. Baxdım gördüm sübhə az qalıb və Ay da məğrib tərəfə yaxınlaşıb, batmağa hazırlaşır. Yuxudan ayılmağıma artıq heyf edib dedim: nə olardı bir həftə yuxu yatıb Ayla söhbət edib eşitdiyimi camaata bəyan edəydim. Ax, nə gözəl olardı, bu Ay danışsaydı!.. * * * Xortdanın cəhənnəm məktubları BİR NEÇƏ SÖZ “Cəhənnəm məktubları” adlandırdığım bu əsərim “Marallarımın” mabədi olaraq, bir para mənfi tiplərdən və mövhumatdan bəhs edən bir əsərdir. Cəhənnəmin təsviri, şöbələri və şöbələrinin adları, günahkarlara olan cəzaların növləri – heç birisi xəyali deyil. Hamısı “Tənbihülqafilin” və o qəbil sair cəhətlərdən götürülmüşdür. Bu əsəri yazmaqdan məqsəd mövhumatın avam türk xalqının başında nə dərəcədə möhkəm bir mövqe tutmasını göstərmək idi. Mədinənin ətrafında peyda olan əjdaha və Adəmlə Həvvanın Xənnası yedikləri xüsusda yazılanı oxuyanlar deyəcəklər: “Bu, müsənnif tərəfindən böhtandır”. Sizi inandırıram ki, bu, böhtan isə də, müctəhidlərin kitablarında yazılıbdır. Qara camaat arasında İndi də baqi qalan bir para mövhumi adətləri göstərmək, məsələn, pirlərə inanmaq, qudurmuş it tutanda təbib əvəzinə topal seyid yanına getmək, habelə camaat arasından götürülməsi vacib olan adətlərdən danışmağı həmçinin lazım bildim. Söz yox ki, cəhənnəm özü bir mövhumi məkandır. Amma bu əsərdə “cəhənnəm” sözünü “mənfi tiplər” cəmiyyəti mənasında düşünməlidir. Ə. H. Müqəddimə Əmma raviyani-əxbər və naqilani asar və tutiyani-şəkkər-şikənü şiringöftar camiülhekayatda kimdən ərz eləsinlər? Bəndədən. Bəndeyi-həqirü fəqir, əqəlli-külli-bəndəgan müləqqəb be “Xortdan” bir günü kəştiyi-xəyalatda əyləşib dəryayi-təfəkkürdə seyr eləyirdim və dünyanın keçmişini və gələcək işlərini bir-bir xəyalımdan keçirirdim. Nagah xəyalıma cəhənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəldi ki: “Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyub- Guya şeytanın oğlu imiş san? İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yer üzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığına gedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?” Bu sədanı eşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəri başımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir “ismi-əzəm” oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya Iskəndəri-Zülqərneynlə zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasını səyahət edib və Avropaya İndi də məlum olmayan günbədidəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür. Mən bu adamların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm. Oraya İndiyədək milyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindən bir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də. Bu yerdə məni bir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? Insan gərək ölsün ki, cəhənnəmə getsin. Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi. İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var. Bizim şəhərimizdə Musa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi. Yetimlər böyüyüb ondan hesab istəyəndə deyirdi: “Bala, qəbiristana gedən ölü dala qayıtmaz”. Ondan bu söz bizim şəhərdə zərbülməsələ olubdur. Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçə illiyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan. Yenə gördüm xəyalımdan səs gəldi: “Naümid olma, Xortdan! Naümid şeytandır ki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa, orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur. O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar”. Bu səsi eşidib, özüm də “axtaran tapar” deyib Yevlax mövqifinə rəvan olub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək. Dedilər: – On beş ildən sonra bəlkə gedə. Dedim: – Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir. Dedilər: – Onla gərək faytonla gedəsən. – Çox gözəl, – deyib faytonçu çağırdım. Yəni əslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir, işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi, dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım: – Bala, faytonun sazdımı? – Belə faytonum var ki, avtamabel onun yanında heçdir! – Məni Şuşaya neçəyə aparacaqsan? – Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin çənə-bazarla da aran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm... – Əlbəttə, qurtaran söz yaxşıdır. – Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram... – Məni nə vədə Şuşaya yetirərsən? – Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan. – Yəqin? – Bəlkə bir az da tez... Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saat ona şəkkin olmasın. – Xub, get qoş, gəl. Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırım kimi stansiyaya tərəf çapır. Çıxıb əyləşdim. Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətlə yola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminən iki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə. Gördüm bu yerişlə İki günə məni mənzilə aparıb çıxartmayacaq. Dedim: – Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxt Şuşaya çatacaqsan? Bu dəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi: – Vaxtında çatarıq. Beş saatdan sonra “Bərdə bazarına” varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır. Bərdə bazarında gördüm aclıq mənə əl verib, faytonçudan xəbər aldım: – Burada çörək yeməyə bir yer tapılmayır? Dedi: – Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var. Orada nahar eləyə bilərsən. Restorana tərəf gedib, gördüm qapının ağzında İki dənə samovar qoyublar, rəngləri qapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər? Faytonçu gülüb dedi: – Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir. Təəccüb eləyib restorana daxil oldum. Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənarda kürə qurulub. Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir. Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx sinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampa kəndli ilə mübahisə eləyirdi: – Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram. Pavestka gətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi, budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub haraya gedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənim balalarımın cavabını sən verəcəksən. Hampa deyir: – Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu, inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başım yarılsın. Məgər mən işin olanını deməmişəm? Soruşdu: uçtel haraya gedib, mən də dedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərs gətirməyə? – Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məni çıxartmağa çoxdan bəhanə axtarırdı! – Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm. – Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllim gəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə, nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndən sonra gələni necə yola aparacaqsınız! Mən heyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim. Bunları mübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi İki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib. Mən nahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı. Axır müəllim nəlbəkiyə bir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi və ocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutub dedi: – A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən. Bircə qulaq as, gör mənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir. Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir, İki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy, haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə. Bir gün bir neçə ağsaqqal yığılıb getdik işkolaya ki, görək “dərs gətirmək” nəyə deyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı: – Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib, sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdan sonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına bir az qalmış “Qarğa dolanmaza” çatdım. Sürdüm birbaş Çərkəz bəyin qapısına. Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər. Özümüz getdik otağa, əyləşdik. Çərkəz bəy dedi: – Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm. Dedim: – Mən ov ətindən dolma eşitməmişəm. Dedi: – Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızı bağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm. Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngi götürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarın yarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm. Yanında da yaxşı təzə qatığı. Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıb günortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım... Xülasə, uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonra üzünü tutdu uşaqlara: – Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər? Uşaqlardan bir neçəsi barmaq qaldırdılar. – Qeydarov, söylə görək. Uşaq durdu ayağa: – Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana... – Nə günü idi? Uşaq dayandı. – Qasanov, sən de! – Mirzə, şənbə günü. – Hə, barakallah! Qeydarov, dalını söylə! – Şənbə günü... Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz. iki saatdan sonra gördünüz ki, atını göndərib. – Kimnən göndərib? – Öz nökərinən. – Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm. Bu növ uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər. Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, İki həftədən sonra təzə dərs gətirirdi!.. Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdan çıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölük çoluqçocuğu var, yazıqdır! Çığırtmanın pulunu verib çıxdım. Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm fayton qoşulub. Minib yola düşdük. Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içində tikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaq nə qədər baxdım, kəndi görə bilmədim. Faytonçu burada dayanmayıb adladı. İki saat sonra yetişdik Qərvəndə. Burada faytonçu faytonu karvansaraya sürüb dedi: – Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan. İnşallah gecə yarısı, Ay doğanda yola düşərik. Qərvənddə camaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını... dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur. Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediklərinə görə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on İki oğlu da səf çəkib, qulluğunda durub onun əmrini gözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib. Faytonçudan nömrələrin yerini xəbər aldım, qabağa düşüb dedi: – Buyur! Məni İkimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı divara, dedi: – Nömrə lazımsa buyurun, çıxın yuxarı. Soruşdum ki: – Məgər bu nömrələrin yolu yoxdur? Dedi: – Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanı götürürük. Yadıma Tiflis düşdü. Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adı da Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndi var idi və İki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özü də sərtib xaric əz fevc idi. Qolovinskiyə çıxanda paqonları gün kimi parlayırdı. Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm və axırda da aramızda bir dostluq əmələ gəlmişdi. Tiflisdə onun bir işi yoxdu. Məhz bir qədər kef aparmaq üçün buyurmuşdu. Özü buyururdu: – Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüd qalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik. Mən hər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə də saat İkidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim. Bir sübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir: – Befərma! Daxil olub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğri papaq, ağlayır: – Xan, nə vaqe olub? – Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımı qoyublar. İstefaya çıxmış miralay deməkdir. Tiflisdə adlanan böyük bir küçədir Buyur Yumurta şəklində, dəridən olan İran papağı Qayıdıb evdən öz libaslarımdan bir dəst gətirib xana verdim. Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi: – Mən Qolovinskidə paqonsuz görünə bilmərəm. Əgər Tiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənzilini yarmazdılar. Yuxarı mərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrin birində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər: – Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçək çıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir. Bu da mənim çox xoşuma gəldi. Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəf yola düşdüm. Üçdörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu, Ağdam bazarı idi. Ağdam bazarı böyük bir meydançada vaqe çargül tİkilmiş, içərisi, çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar. Bir yanda çuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır. Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançıların da alış-verişləri öz qaydası ilə. Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen. Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq. Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar. Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindən qalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir. Məsələn, orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona borcludurlar. Puluna da ildə altmış faiz alır. İndi yuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-iman oldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən də xəbər aldım. Dedilər ki, hacı burada hiyleyişəriyyə eləyir. Hiyleyi-şəriyyə Həzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahiş eləyən oxuya bilər ki, xudavənditəbarəkə və təala Həzrət Əyyub əleyhissəlamı imtahana çəkmək istədi. Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəni yara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrət ancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbi tutub buyurdu: – Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım gün sənə yüz çubuq vuracağam. Həzrət imtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəf etdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü. Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərə aldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandan qəsəm yad eləmiş olardı. Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməl edib həqiqətdə arvada yüz çubuq vurdu. Hiyleyi-şəriyyə budur. İndi görək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir. Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir: – Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz? Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır. Hiyleyi-şəriyyə belə də olur: Məsələn, bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manat mədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada da hiyleyi-şəriyyə imdada gəlir. Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüz manata qiymət edib, anasının südü kimi yeyə bilər. Mənim məqsədim bu məsələlərdən söhbət etmək deyil, əgər durub hiyleyi- şəriyyədən, həmli-bərsihətdən bəhs açsaq, böyük bir kitab yazmaq məcburiyyətində olarıq. Əgər Ağdamın hamı hacılarından və kərbəlayı-məşədilərindən, seyidlərindən, kəndlər arasında olan qurtarmaz və tükənməz müharibələrdən söhbət başlasaq, gərək bir il burada oturaq. Mən yol adamıyam, işim var. Odur ki, Ağdamda dayanmayıb, faytonu qoşdurub yola düşdüm. Bir-iki verst getmişdik ki, “Nəsirbəyli” adlı bir kəndin qabağında bir nəfər müsinni kişi əl eləyib faytonu dayandırdı və yavaşcadan nə dedisə, faytonçu üzünü mənə çöndərib dedi: – Bu kişi mənim dayımdır. Şəhərdə vacib işi var, izn verin yanımda əyləşdirim. Cavabında dedim: – Sənin dayın mənim yanımda da əyləşə bilər. Bahəm söhbət edə-edə gedərik. Təklik də mənə əl verməz. Kişi: – Çox sağ olun, – deyə əyləşdi yanımda, yola düşdük. Bununla adi yol söhbətlərindən başladıq: “Gəlişiniz uzaqdandırmı? Şəhərə buyurmaqda xeyirdimi” və i.a. Axırda bir-birimizin adını xəbər aldıq. Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var və hər bazar günü Ağdama gəlib gedərdi. Bu, bir söhbətcil arif adam idi və danışığından əhli-savad olduğu da anlaşılırdı. Bir qədər getmişdik. “Qarahacılı” deyilən bir yerdə bir qoca kişiyə çatdıq. Təqribən altmış yaşında, qırmızısaqqal, sinəsi açıq, başına papaq əvəzinə yaylıq bağlamış, qabağında bir yüklü uzunqulaq yavaşyavaş gedirdi. Bu kişi dönüb bizə baxıb, Məşədi Səttara salam verdi. Məşədi xəbər aldı: – A Məşədi Səfər, haradan gəlirsən? – Burada dəyirmana bir-iki pud buğda aparmışdım. Üyüdüb kəndə qayıdıram. – Əhvalın necədir, ev-uşaq salamatdırmı? – Nə əhval, ay məşədi? Əhvalım budur ki, görürsən. Qoca vaxtımda görəcəkli günlərim var imiş. Bir vaxt var idi sənin kimi qonaqların Şəriətdə bir hökmdür, murdardan və haramdan uzaq olmaq deməkdir. iyirmisi qapımdan girərdi. Xəcalət çəkmirdim. İndi... Özün görürsən. İndi, budur, səni görüb xəcalətimdən istəyirəm ki, yer ayrılsın, girim içinə. Mən Məşədi Səfər olam, sən gəlib mənim evimin yavıqlığından ötəsən, mən də səni yoldaşınla bir yerdə aparıb evimdə bu gecə qonaq saxlamayam? Bu mənim üçün ölümdən bədtərdir. Faytonçu atları tərpətdi. Biz də Məşədi Səfərlə “xudahafiz” edib onu dalda qoyduq. Məşədi Səttar üzünü mənə tutub dedi: – Bu kişi varlı-hallı bir adam idi. İldə bir-İki dəfə Şiraza gedib, oradan neçə yük papaq dərisi gətirərdi. Yaxşı da qazanardı. Bunun evini yıxıb bu halətə salan İmam oldu. Mən təəccüblə Məşədi Səttarın üzünə baxdım. Məşədi Səttar dedi: – Təəccüb eləməyin, mənim sözümün canı var. Bu saat söyləyim. Siz yəqin çox eşidibsiniz. Bir adamın o birisinə acığı tutanda deyir: “İmam başına daş salsın, İmam evini yıxsın, İmam balalarını yetim qoysun”... Hakəza. İndi qulaq verin. Bu bədbəxt oğlu, hər il məhərrəm ayında yeddi gün İmam ehsanı verərdi. Boynuyoğun mollalar, tacirlər, seyidlər, nə bilim kimlər hər gün gəlib yağlı plovdan basırdılar. Nə qədər buna mənasız xərc vururdular. Buna “İmam evini yıxsın” deyirlər, ya yox? Axır kasıb düşüb evini satdı. Evi də yaxşı ev idi; bilmirəm nə qədər pul aldı. Cibində pulun cınqıltısını eşidib dedi ki, gərək gedib ağamı ziyarət eləyim. Bir böyük ziyafət verib təntənə ilə Məşhəd səfərinə getdi. Elə ki ziyarətdən qayıtdı, baxdı gördü pullar xərclənib, ev də satılıb. Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Axırda şəhərdə qala bilməyib, arvad-uşağını götürüb o, dağın ətəyindəki kəndə köçdü. Orada bir dükan açıb, təpik vursan uçar. İçində on beş manatlıq mal yoxdur. İndi buna “evini İmam yıxsın” demək olar, ya yox? Özü öləndən sonra da balaları yəqin dilənəcəklər. Buna “İmam balalarını yetim qoysun” demək olar, ya yox? Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında “Qarqar” deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstünə diklənibdir. Gendən baxanda guya bir bayquş qanadlarını çayın kənarlarına sərib, çaydan su içməkdədir. Məşədi Səttar dedi: – Bu hasara Əsgəran deyərlər. Gərək eşitmiş olasınız. Dedim: – Çox gözəl eşitmişəm və oxumuşam... Bu mənhus hasarın 1905-ci sənədə oynadığı rol cəmi dünyaya məlumdur. Bu, İki qonşu və qardaş milləti bölən bir səddir. Nə qədər bu hasar durub, buna baxan türklərin və ermənilərin yaraları təzələnəcək. Ixtiyar mənim əlimdə olsaydı, bu hasarı, qədim hasardan olmasına baxmayaraq, kökündən qazardım. Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri baxanların yadına gətirməyə. Əsgəranı adladıq. Bir də baxdıq, bir nəfər qırmızısaqqal, uzunboylu, arıq kişi, özü kimi bir arıq yabının belində, tərkində xurcun, atılaatıla gəlir. Yavıqlaşıb Məşədi Səttara salam verib keçdi. Məşədi Səttar dönüb dalınca bir qədər baxıb dedi: – “Evlərini İmam dağıdanların” biri də budur. Amma bu hamıdan qoçaq çıxıb. Özünə bir çörək pulu yaradıbdır. Qulaq asın bundan sizə bir az söhbət eləyim. Dedim: – Buyur. – Bu kişinin adı Məşədi Seyfulladır. Ağdam bazarında dükanı var. Yaxşı evi də var, qonaq gələnə plov da verir. Bu da o biriləri tək varyoxunu xərcləyib, Məşhəd ziyarətinə getmişdi. Gələndən sonra bir az bikar gəzib, arvadının ətəyinin pullarını satıb bir dükan açdı. İlk günü dükana qoyduğu malın qədəri nə artır, nə də azalır. Hər kəs bunun dükanına bir dəfə getsə, onun malının siyahısı həmişə yadında qalar. Mən ərz eləyim: on girvənkə yağ, bir düjün karandaş, bir banka zoğal mürəbbəsi, İki qutu cövhər, on girvənkə qənd, bir parça mal piyi, beşaltı ədəd qalay çay qaşığı, bir şüşə sirkə, bir-İki kələf yezd ipliyi, bir pud ağ neft... Xülasə, baxan deyirdi ki, buna on beş manat verən olsa dükanını bağışlayıb çıxıb gedər. Bununla belə, bunun işlərinə baxın. Məşhəddən təzə qayıtmışdı. Hələ heç kəsin bunun xəspuşlanmasından xəbəri yox idi. Hamı onu varlı hesab edirdi. Bir gün Ağdam bazarına gəlib, xalqı başına cəm edib, bunlara Məşhəd yolunun ağırlığından və bu ağır yolu zəhmət çəkib getməyin savabının ntəhasızlığından, daşların dığırlana-dığırlana ziyarətə getmələrindən söhbət edirdi. Azərbaycanlıların. Məşədi and içirdi ki, İmamqulular adlanan bir mənzilə gəlib düşmüşdü. Gördü karvansaranın qapısında böyük qara daşlar yan-yana düşüb. Karvansaranın dərbanı nağıl etdi ki, bu daşlar bu gecə buraya gəliblər; ziyarətə gedirlər, sabah durub bunları burada görməyəcəksiniz. – Sübh, – deyir, – durduq, gördük, həqiqət, o daşlardan bir nişanə yoxdur. “Çinaran” adlanan mənzilə gəlib haman daşları orada gördüm... Məşədi camaatı inandırmaq üçün neçə dəfə getdiyi İmama and içdi. Camaat da ağızlarını ayırmış onun söhbətlərinə qulaq verib, peydərpey salavat çevirirdi. Qalaq asanların hesabı artdı. Bunu görüb məşədi dedi: – Camaat, bu saat mənim evimdə bir seyid qızı əyləşib. And olsun gedib üzümü sürtdüyüm qəriblər şahına, bu saat onun əynində libası yoxdur. Mən öz tərəfimdən on manat verirəm. Sizin də kərəminizdən nə gəlir, müzayiqə etməyin. Məşədinin söhbətindən ürəyi yumşalmış camaat başladı pul toplamağa. Ağır miqdarda bir məbləğ cəm olub məşədiyə vüsul oldu. Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş. Heç kəsə onun arvadının seyid qızı olduğu məlum deyilmiş. Sübh evdən çıxanda məşədi arvadına əmr eləyir ki, o, bazardan qayıdınca libassız əyləşsin. Bu da onun üçün imiş ki, məşədinin andı yalan olmasın. Bundan da sonra özgə bir mədaxil yolu tapdı. Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. O saat atını minib gedib oraya. Içəri daxil olub, başlayır hönkürtü ilə ağlayıb başına vurmağa: – Əlimdən gedən qardaşım vay! Ümidim vay! Belimin dayağı vay!.. Habelə... Üç gün yaxa açıb təziyədar olur. Üç gündən sonra mərhumun ailəsinə sərsəlaməti verib deyir: – Daha mən getdim. Dükanım sahibsizdir. Ancaq bir iş var, deməyə xəcalət çəkirəm. – Nə iş var, məşədi? Buyur! – Yox, qalsın, bir ayrı gün danışarıq. – Axır genə, de görək nədir? – Gərək mən söhbəti açmayaydım. İndi ki bir səhv elədim, gərək deyim, rəhmətliyin mənimlə bir xırdaca hesabı var. Keçmişdə mal apa- rıbdır, bir əlli manat qalıbdır. Mən bir söz demirəm, istəmirəm də. Istəyirsiniz mərhuma halal eləyim. Ancaq deyirəm ki, biləsiniz. Mərhumun varisləri bir-birinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüğlizimmə eləmək istəməyib pulları verirlər. Bəzən oxu daşa da toxunur: mərhumun varisləri görürsünüz ki, deyirlər: – A məşədi, sənin sözünə inanmamağa haqqımız yoxdur, məşədi kişisən, səndə yalan olmaz. Ancaq nisyə mal almaq mərhumun adəti deyildi. Bir il çılpaq qalmağa razı olardı, üç arşın nisyə qədək almazdı. Cavabında məşədi deyir: – Nə etməli, siz vermirsiniz, mən də istəmirəm. Pul deyəndə əl çirkidir, rəhmətliklə iyirmi il duz-çörək yemişik, qurban olsun o duzçörəyə. Bunu deyib varisləri şübhəli qoyub atını minib, çıxıb gedir. Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar. Bu məşədinin peşəsi budur. İndİki dükanı boşdur, gedib ölü sahiblərindən pul istəyəndə deyir: – Parçanı mərhum mənim qonşumdan alıbdır. Yanında pul olmayıb, mən vermişəm. Bu yaxında “Xocalı” adlanan bir kənd var. Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir. Məşədi yəqin onun təziyəsindən gəlir. Görəsən varislərindən nə qədər çırpıbdır. “Xocalı” çayını və “Çaparxana”sını keçib bir səhraya çıxdıq. Yolun altında və üstündə nizamla düzülmüş “Tökmə təpələr” var idi. Məşədi Səttar nağıl etdi ki, bu təpələr də qədim hasardandır. Burada qədim zamanda Sultan Səlimlə Şah Ismayılın arasında böyük müharibələr olubdur. Bir az getmiş gördük ki, bir nəfər şəxs bir kürən atın belində yel kimi gəlir. Atın ayaqları guya yerə dəyməyirdi. Yaxınlaşıb, salam verib, güllə kimi ötüb keçdi. Məşədi Səttar dedi: – Bu da bir tühaf vücuddur; yol üstüdür, bundan da bir qədər sizə nağıl eləyim, vaxt keçsin. Dedim: – Buyur. Məşədi başladı: – Bu şəxsin adına Hacı Mehdi oğlu Əsgər deyirlər. Atası buna böyük sərvət qoyub getmişdi. Sərvətin çox yarısını dost-aşna yolunda xərc etdi. Qış fəslində az gecə olardı ki, bunun evində neçə nəfər qonaq plov yeməsin. Bahar fəslində hər həftə dost-aşnalarını şəhərin ətrafındakı çay kənarlarına, meşələrə, bulaqlara, “Turş su” deyilən yerə qonaq çağırıb, xanəndə və nəvazəndələrlə onlara kef verərdi. Bir dəfə dost-aşnasına xəbər verdi ki, hamısı cümə günü ona, aşırma plova qonaqdırlar. Biz çox fikir elədik ki, “aşırma plov” bu nəyə deyir, bir şey anlaya bilmədik. Axşam cəm olduq onun evinə. Adama bir-İki stəkan şirin çay içib bir qədər söhbət edəndən sonra hər İki adama bir məcməyi plov gəldi və hər məcməyidə İki ədəd kəklik ayaq-ayağa bağlanıb plovun üstündən aşırılmışdı. Aşırma plov bu imiş. Qalan dövlətinin də axırına Irandan gəlmiş bir dərviş daş atdı. Dərviş elmi-kimyada məharət yetirdiyinə bunu inandırıb və hər mədəni döndərib qızıl eləmək sirrini bildiyini söyləmişdi. Bu bədbəxt oğlu aldanıb dərvişi gətirib saldı evinə. Əlində olan mayanın hamısını kürədə yandırandan sonra, bir səhər durub dərvişi qaçmış gördü. İndi bunun Ağdamda bir xırdaca dükanı var, oturub alış-veriş eləyir. Hər nə qazansa dost-aşna yolunda xərc eləyir. Əgər bir nəfər onun axırıncı köynəyini istəyə, yəqin çıxardıb verər. İndi bundan sizə bir hekayə nağıl eləyim. Bizim Ağdam bazarını gördünüz. Tühaf bir bazardır. Orada bu bazardan o bazaradək tamam bikarçılıqdır. Alış-veriş nüdrətən olur. Bəlkə bir yerdə ölü düşə, kəfən, sidrü kafur üçün bazara gələn ola. Dükançılar dəstə-dəstə o dükanda, bu dükanda yığılışıb, boş söhbətlərlə vaxt keçirirlər. İttifaqən, Bakıdan, Tiflisdən, ələlxüsus Moskvadan tacirlərin biri qayıdıb gələndə bazarda bayram olur. Neçə günlərlə bədbəxtlərə rahatlıq verməyib, hər gün başına cəm olub, onu gördüyündən, eşitdiyindən, gedib gəldiyindən danışdırıb qulaq asırlar. Haman buradan atlı keçən oğlan birdən bazardan yox oldu. Tamam İki həftə dükanı bağlı qaldı. Sonra məlum oldu ki, Qazax qəzasında bir nəfərdə “Diliboz” cinsindən bir atın sorağını eşidib, onun dalınca gedibdir. Haman atdır ki, İndi altında idi. İki həftədən sonra bazar adamı bunun qayıtdığından xəbər tutub, bir-birlərinə söz verdilər ki, Hacı Mehdi oğlundan haraya getdiyini və bu İki həftənin ərzində nə yerlərdə gəzdiyini bir nəfər xəbər almasın. Guya ki, o, buradan heç bir yana getməmişdi. Əsgər gəlir bazara. Dükanların qabağında dolanır. Ancaq bir dükançı buna etina eləməyir. Salam verir. Salamını soyuq bir halda alıb, yenə işinə məşğul olur. Əsgərin bağrı çatlayır. Necə ola bilər ki, bu, bir belə zəhmət çəkib gedib “Diliboz”lardan at gətirsin, amma bunu bir adam xəbər almasın! Bir də baxır, görür, bir dükanda beş-on nəfər dükançılardan cəm olub söhbət eləyirlər. Birbaş yanaşır oraya: – Salaməleyküm. – Əleykəssalam, ağa Əsgər, niyə əyləşməyirsən? Əsgər əyləşir. Camaat öz söhbətində davam eləyir. Əsgər nə qədər gözləyir ki, bütün bu müddətdə harada olduğunu bir xəbər alan olsun. Ta o da nə növ gedib gəldiyini söyləsin. Bunun əvəzində dükançılar hər biri bir bəhanə ilə durub dağılmağa üz qoyurlar. Birisinin dükanı sahibsiz qalıb, birisinin namazı keçir, birisi axşam yeməyi üçün tədarük görməyibdir, birisi poçtla gərək pul barat eləsin. Xülasə, bir-bir durub gedir, Əsgəri dükan sahibi ilə bir yerdə qoyurlar. Dükan sahibi isə dəftər-çotgəni çıxarıb hesaba məşğul olur. Əsgər bir qədər əyləşib qalxır ayağa. – Xudahafiz! – Xudahafiz, ağa Əsgər! Bunu deyib dükançı yenə başını aşağı salıb məşğul olur. Əsgər məyus qayıdır öz dükanına. Dükançılar bununla bir neçə dəfə belə rəftar edəndən sonra Əsgər əhvalatı duyur. Bir dəfə yenə görür ki, bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Durub yavaş-yavaş o tərəfə yönəlir. O biri dəfələr tək dükançılardan biri qalxıb deyəndə ki: – A kişi, yaxşı yadıma düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu verim. Əsgər ondan cəld qalxıb, əbanın altından beşaçılan tüfəngi çıxardıb, patronlayıb dedi: – Əyləş yerə! Yoxsa odladım! Hər kəs yerindən qalxsa, atamın oğlu deyiləm cəmdəyini yerdə qoymasam! Hamı susub sakit əyləşdi. Əsgər dedi: – İndi qulaq verin. Bir nəfərdən xəbər tutdum ki, Qazax mahalında Rüstəm bəyin ilxısında “Diliboz” nəslindən bir at var ki, dünyanın yarısına dəyər... Burada Əsgər İki həftənin içərisində başına gələnləri, tüfəngi adamlara tərəf tutmuş nağıl eləyib qurtarandan sonra dedi: – İndi mən sözümü qurtardım. Hər kəsin harada nə işi var isə buyurub gedə bilər. Camaat gülüşüb xəbər verdilər ki, heç kəsin heç yerdə işi yoxdur. Hamı avaradır. Elə məhz onunla şuxluq eləmək istəyirdilər. Gecə saat on İkiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi. Ətrafda xarabalıqdan savay bir şey yoxdu. Səbəbini xəbər aldım. Məşədi Səttar gülüb dedi: – Burada şeytan özünə doqquz gün, doqquz gecə toy elədi. Şəhərin evlərindən məşəllər qayırmışdılar. Gecə-gündüz tüfəng səsləri kəsilmirdi. Hətta şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin içində top da atırdı. Toy çox şükuhlu keçdi. Camaatdan da çox qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən xata çıxmasa olmaz. Dedim: – Doğru buyurursan. Faytonçu soruşdu: – Hara düşəcəksən? Dedim: – Təbrizli Mirzə Qoşunəlini tanıyırsan? Dedi: – Mirzə Qoşunəlini Qarabağda uşaqlar da tanıyır. – Onda birbaş onun evinə sür. – Baş üstə. Neçə dəqiqədən sonra fayton bir həyətdə dayandı. Bu, Mirzə Qoşunəlinin evi idi. Qapı açıldı. Gödək boylu bir adam başını çölə çıxardıb xəbər aldı: – Kimsən? Cavabını faytonçu verdi: – Qonaqdır. Tiflisdən gəlir. Sizlə işi var. – Buyursun, buyursun! Mirzə pilləkəndən aşağı enib, özü qabaqca mənə salam verdi: – Salaməleyküm, siz çox xoş gəlibsiniz. Buyurun içəri. Faytonçunun haqqını verib, Məşədi Səttarla vidalaşıb, mirzənin dalınca daxil oldum mənzilə. Mirzə yer göstərdi: – Buyurun, əyləşin. Yəqin yol sizi yorubdur. Samovar da hazırdır. Çay içmək mənim üçün bir azar olubdur. Sübhdən gecə yatıncaya qədər gərək mənim samovarım qaynasın. Içdiyim çayın hesabını da bilmirəm. Deyirlər çay nədir, say nədir. Mirzə İki stəkan çay töküb birisini mənim qabağıma, birisini də əyləşib öz qabağına qoydu: – Sizin təşrifiniz həmişə Tiflisdə olur? – Bəli, Tiflisdə oluram. Ancaq səyahəti xoşladığımdan, başqa şəhərlərə və vilayətlərə də gedirəm. – Əlbəttə, səyahət çox gözəl şeydir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər. – Həqiqət düz buyurursunuz. Amma necə ki mən eşitmişəm, sizing elminizə heç bir səyyah çata bilməz. Mən Qafqazın hər bir şəhərində sizin tərifinizini eşitmişəm. Yəqin siz Tiflisdə Ağ Mollanı tanıyırsınız. – Xidmətlərinə çata bilməmişəm, amma bələdiyyətim var, alim adamdır. – Sizin tərifinizi mənə o söylədi. Mən bir müşkül işə düşüb, oradan buraya xidmətinizə gəlmişəm. Niyyətimi açıb mirzəyə söylədim. Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonra dedi: – Bu gecə burada yatarsınız, axşamın xeyrindən isə sabahın şərri. Səhər kitabları töküb dürüst baxaram, ümidvaram əlac tapıla. Çay içib, bir qədər o yan-bu yandan söhbət elədik. Mən xəbər aldım: – Mirzə, siz çoxdanmı Qarabağdasınız? – Bəli, mən anadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizi deyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, Iranın qanununa binaən, təxti-səltənət naibüssəltənə fərmanfərmayi- məmləkəti- Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi. Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıb Tehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, Nəsrəddin Mirzə təxtisəltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. Nəsrəddin Mirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlər və onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcək üstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi “Fitilbörgə” və birbaş getdi imperator Birinci Nikolayın yanına. Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağına icazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin edib, Rusiya şəhərlərindən birisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab bu Şuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allah atanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanın katibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və o kitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm. İçəri otaqla bizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyi fisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özü qabları götürüb içəri apardı. Şamdan sonra yenə adama bir stəkan çay içdik. Orta qapı açıldı. Oradan İki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşək otağa qoydu. Mirzə özü qalxıb mənim üçün yer salıb dedi: – Gecəniz xeyrə qalsın, yatın, rahat olun, sübh danışarıq. Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsi məni oyatdı. Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmiş görüb, təəccüblə xəbər aldı: – Siz əcəb sübhxiz imişsiniz! – Bəli, adətim belədir, – dedim. – Bəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz. Mirzə dedi: – Çox gözəl adətdir. Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar. – Düz buyurubdur. Belədir ki var. Çaydan sonra mirzə buyurdu: – Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik. Siz yatandan sonra mən gedib “Tənbihil-qafilin” kitabını açıb mütaliə elədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərc olunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heç bir kəs qəbləlmevt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənəni göstərir) filan ayın filan günündə (haman günü göstərir) adı “T” hərfi ilə başlanan bir şəhərdən, adı “Ş” hərfi ilə başlanan şəhərə, adı “Q” ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmi gedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünki cəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş “Cameül-dəvat” kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsin müvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq. İndi, ağa can, o nüsxə budur: Rübbisus – on misqal, 2. Əfüyun – on misqal, 3. Əfrəfyun – beş misqal, 4. Tiryak – dörd misqal, 5. Zəfəran – beş misqal, 6. Aqərqərha – beş misqal, 7. Zəncəfil – beş misqal, 8. Filfili-hİndi – üç misqal, 9. Əsəl – bəqədri-kifayə. Bu dərmanı on gün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz. Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan duaları oxuyaram. Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən burada bağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam. Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsiniz və orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız. Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz – cəhənnəm aləmində. Mən mirzədən xəbər aldım: – Cənab mirzə, buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq? Buyurdu: – Hər cadının təsiri qırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz. Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir. – Cənab mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq? – Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşin mənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günorta naharını da bir yerdə eləyəcəyik. Şəhəri bir qədər dolanıb, saat on İkidə azan səsi eşitdim, bir qoca kişi məkruh səslə azan oxuyurdu. Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim: – Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni, tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olur ki, özünüz üçün Tərxun kökü Hind istiotu Bal xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişə azanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilər dayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, İki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər. Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi: – Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi Isi, Həsəncə, Qaryağdı oğlu və sairələri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. Hamısı Allahdan üz döndəriblər. İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbul edərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır. Onun İndi yaşı həştaddan ötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canım ağzımdan çıxınca azan verəcəyəm. – Ona maaş nə verirlər? – Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir. – Üç manatla onun məişəti necə keçir? – Hacının özgə mədaxil yerləri də var. Birinci mədaxil hamamlardandır. Bizim hamamlar sizinkilərə oxşamıaz. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamların Iran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlman hamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqə bədənini isitsin. Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxil olub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüz adamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüz arvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindən qoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əl qalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu da azançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib hər yerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hər birisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir. Hacı Tağının ikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirənkəbirən, ünasən-zükurən hamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Hacı siyahını əlinə alıb, şəhəri dolanıb hamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadan sayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər. Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır. Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu. Səbəbini xəbər aldım, dedi: – O xoruza bu gün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur. Süfrə salındı. Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi: – Plovu inşallah axşam yeyərik. Axşam zamanı mirzə məni tək qoyub dedi: – Siz burada əyləşin, mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam. Axşam saat on radələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Bir az keçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi: – Buyurun, hazırdır. Bir qədər söhbət edib, plov yeyib yatdıq. Sübh durub mirzəyə yüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıb buyurdu: – Burada lazım olan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun. Mirzədən razılıq edib, yenə haman yolla Tiflisə qayıtdım. Tiflisdə Ağ mollanı tanımayan bir nəfər tapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamam cavanları tanıyırdı. Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərin hamısında sübhədək piano çalınıb, qızlar və cavanlar “matçiş” oynardılar. Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləri bağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır. Ağ Mollanı nəinki müsəlmanlar, tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur. Gələnlərin çoxusu qadınlardır. Kimisinin əri qaçıb – onu qaytarmaq istəyir, kimisi duldur – ərə getmək istəyir, kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı Ağ Mollanının duası ilə məramlarına çatmaq istəyirlər. Gecə evdə dincəlib, səhər getdim mollanın xidmətinə. Qəbul otağı qadınlarla dolu idi. Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəri çağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanın nədən və nə əczadan əmələ gəldiyini buyurmadı? Cavabında dedim: – Mənim yanımda əczaların adlarını bir-bir oxudu, ancaq unutmuşam. Çox əfsus edib buyurdu: – Bu dərmanın sirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusi bilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzənin xahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyi duaları oxuyaram. Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Siz görürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündə mənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin. Bir qədər danışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündən işə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim. Şənbə gününə dörd gün qalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarla vidalaşıb əyləşdim mənzildə. Şənbə günü səhər axund gəldi. Mən dərmanı çamadandan çıxartdım. Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzıma qoymaq istədikdə axund dedi: – Dayan! Dayandım. Buyurdu: – Gərək bu saat gedib hamamda qüsli-cənabət edəsiniz. Hamamdan çıxıb dalınıza baxmayaraq evə gələsiniz. Evdə İki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Mən də siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyi duaları oxumağa məşğul olaram. Hamamdan qayıdıb axundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu bir kilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı. Duanın adına “covşənkəbir” deyirdilər. Axund buyurdu: – Vaxtdır. İndi başlayıb dərmanı tənavül edə bilərsiniz... Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı. Bu halət xüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim. Müxtəsəri-kəlam, doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanı cəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbər elədim. Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdə hər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyab olsun. Mən söz verdim. Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimi qırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlib sandığı açsın. Axund buyurdu: – Vaxtdır, uzan. Itaət edib uzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi, məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəm səhrasıdır. Cəhənnəm Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəmin istisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plov yeyənlərdir. Isti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hərarətin artıqlığından mənim üçün irəli getmək mümkün olmayacaqdır. Birdən qulağıma bir səs gəldi: – Əyyühəlxortdan! Eşidibsən ki, “kafər bəcəhənnəm nəmirəvəd, kəşan-kəşan mibərənd”. Getməsən də aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən. Bu sözü eşidən tək başladım yeriməyə. Dedim: – Hərçi bada-bad! Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar. Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirat hamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə su onların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır. Xülasə, hər növ təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı. Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. Heyvanın ağzından, qulaqlarından və burunlarından alov dirəklənirdi. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: “Abi şurəst, çi qabiliyyət darəd, büdeh, berizəd bə guripədərəş”. Yazını oxuyan tək, kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar. Tanımayanlar var isə, vəzir Mirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar. Kişidən xəbər aldım: – Mərdəkə, burada nəmənə qayırırsan? Dedi: – Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər. Dedim: – Çox gözəl mənsəbdir, mübarəkdir. Sonra xəbər aldım: – Bu əjdaha burada nə qayırır? Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar. “Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna”. Dedi: – Qulaq ver nağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy od tutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, ins və cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar: – İlahi, yandıq. Yaratdıqlarına rəhmin gəlsin. Xudavəndi-aləm məxluqatın duasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun. Əjdaha yalvardı, ərz elədi: – Xudaya, mən nə günah eləmişəm? Qəzəbini mənim üstümdən götür. Əjdaha bir də baxdı ki, başının üstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir: – Ud cəhənnəmi, ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz! Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına. Əjdaha cəhənnəmi udandan sonra onun içərisi başladı alışıb yanmağa. Əjdaha ilan dili çıxardıb yalvardı: – Allah, yandım, mənə rəhm elə! Xudavəndi-aləmin əjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altı ayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəri çəkəndə payız və qış olur. Bir para sarsaq-sarsaq kitablarda yazırlar ki, nə bilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaq sözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən. Dedim: – Bəli, görürəm. Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəb açıb şəhərin uşaqlarına dərs verirdi. Axundun adını unutmuşam. Ancaq yadımdadır ki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözləri o büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş. Dalınca bir ah çəkib öz ürəyimdə dedim: – Ya Molla Həmmami-Zənanə, əgər qiyamətdə görüşmək müyəssər olsa, səndən halallıq istəyəcəyəm; çünki o vaxt tamam məsciddə cəm olanlar bir ağızla salavat çevirdilərsə də, mən şəkk elədim. Bu söhbətdən sonra odabaşıdan soruşdum: – Cəhənnəmə girmək olarmı? Dedi: – Bəli, bəli! Buyura bilərsiniz. Cəhənnəmin qapıları gələnin üzünə açıqdır. – Pasport, filan? Dedi: – Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur. Qapını açıb məni içəri saldı. Bəli, vasil olduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin. Cəhənnəm, nə cəhənnəm! Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoç döyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu, nə qoçular atışması... hamısı bu tamaşanın müqabilində heç yerindədir. Bu tamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib, yanından gözüyumulu ötər. Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər: – Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədyanı yazır. Cəhənnəm nədir, tamaşası nə ola? Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. Inanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır. And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir. Burada bir haşiyəyə ehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəs şəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm. 1. xan tüpürcəyi Qarabağ xanı İbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda “Yekəpər” deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imiş ki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtüb yazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandan adlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, it boğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergi verilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saat salamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanın vəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar. 2. topal seyid Bu şəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir; ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəm bizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasına getməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşının xoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər. Naxoşun qardaşı deyirdi: – Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarını Topal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzir verməklə salamatlığa çıxar. Elə də elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib. Təziyəsinə gedib, qardaşını məzəmmət elədim, dedim: – Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin. Dedi: – Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi. Əlbəttə, etiqad böyük şərtdir. 3. deşikli ağac Bu mücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şax ayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir, övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olan bacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanına gedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadın ağacın deşiyindən keçir. Deyildiyinə görə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsə həmişəlik özündən naümid olub, məyus evinə qayıdır. 4. qazaq qəbri və xəlifəli ocağı Bu iki müqəddəs məkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdə bayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər. Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını ipliklə bir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilən uşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminən yüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə gülləyiblər. O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur. Amma şəhərin camaatının əksəri Xəlifəli ocağına gedir. Hətta belə də bir rəvayət var: İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçə gün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşib Şuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbin qabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı o yan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlində bir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı. Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanı İbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrə gedirsə götürüb bu şeri yazıb xana göndərir: Bayram oldu, heç bilmirəm neyləyim, Bizim evdə dolu çuval da yoxdur. Düyilə yağ hamı çoxdan tükənmiş, Ət heç ələ düşməz, motal da yoxdur. Allaha bizmişik naşükür bəndə, Bir söz desəm məni qoymazlar kəndə. El batıb noğula, şəkərə, qəndə, Bizim evdə axta zoğal da yoxdur. Bizim bu dünyada nə malımız var, Nə də evdə sahib-camalımız var. Vaqif, öyünmə ki, kamalımız var, Allaha şükür ki, kamal da yoxdur. Xanın şeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirin danışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbini ona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla Pənah Vaqif edirdi. Ona görə də deyiblər: “Hər oxuyan Molla Pənah olmaz”. 5. cındırlı pir Bu da dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hər bir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladı olmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər. Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər. 6. öskürək piri Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündür qayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını o qayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər. Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur. 7. cicim ocağı Bu ocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar. Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsi çörək təknəsində, qab-qazanın arasında, tax- çalarda qıvrılmış yatıblar. Ocaq sahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin üstündən o yan-bu yana addayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından daxil olanın birinə də ilan dəyməz. Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın. Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaq özünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfa tapacaq. Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur. Belə andları eşidəndən sonra gərək inanasınız. İndi keçək mətləbə. Cəhənnəm yerin yeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın adına Kəmid dağı deyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan adlı bir yerdədir. Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına Cəhənnəm deyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar. İkinci təbəqənin adına Ləza deyirlər; bu təbəqə tərsalar üçündür. Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqə də yəhudilər üçün təyin olunubdur. Dördüncü təbəqənin adına Səqər deyirlər; buraya da əbrləri salırlar. Beşinci təbəqənin adını Səir qoyublar. Bu təbəqə də saibilər üçündür. Altıncı təbəqənin adı Cəhimdir; bura da müşriklər üçündür. Cəhənnəmin axırıncı təbəqəsinin adına Haviyə deyirlər. Bura da münafiqlər üçündür. Necə ki, görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə yeri var. Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər. Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırdaxırda adamlar: əttar, baqqal, şkola müəllimi və sairləri. Cəhənnəmin hər təbəqəsində qırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi çuxur yerləri var. Hər çuxurun içi yeddi yüz illik yoldur. Hər ili üç yüz altmış gündür. Hər bir günü dünya illərinin min ilidir. Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adına Veyl quyusu deyirlər. Yetmiş illik yol onun dərinliyidir. Mən cəhənnəmə daxil olanda həmin quyunun təkindən bir “vay, dədəm vay” naləsi eşitdim. Başımın tükü papağımı götürdü. Odabaşıdan xəbər aldım Ulduza pərəstiş edənlər. – Bu nə səsdir? Cavab verdi: – Yetmiş il bundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq İndi quyunun təkinə dəydi. O adamın kim olduğunu xəbər alanda odabaşı dedi: – Vallah, bilmirəm hansının adını deyim. Bu quyuya bir adam salmayıblar, İki adam salmayıblar, hədd yox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərini salırlar. Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm İki dövlət arasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbli idi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər. Qərb vəkilləri şərqlilərin təbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropa paytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Bu xanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər. Gündüz vəkillərlə danışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər. Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu. Bu quyuya təpəsi üstündə salınanlar belə vəkillərdir. Və yenə İki padşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu. Dövlətlərdən biri bir özgə vilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənə parıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzər mülkü İki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz. Belə adamları da Veyl quyusuna salırlar. Əlavə, qədim hakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra bir böyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclü padşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahın mənə yaranallıq versə, Iran-rus hökumətləri arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müahidənaməsinə işarədir. Bu xüsusda tarixdə bir şey yoxdur və ola da bilməz (Müəllif qeydi). Türküstan-Iran hüdudunu müəyyən etmək üçün Iran tərəfindən Mirzə Riza xan Daniş göndərilmişdi. Bu şəxs Rusiya imperatoru tərəfindən əta olunmuş nişanlara susayıb Eşqabadın yaxınlığında vaqe “Firuzə” adlanan yaylağı iki quru dağa dəyişmişdi. Hərçənd rus hökuməti “Firuzə”nin əhalisini öz yerlərində qoymağı vəd etmişdisə də, müahidə hökumətlər tərəfindən imzalanandan sonra haman əhalinin yerlərini əllərindən alıb özlərini Irana sürgün elədi (Müəllif qeydi). mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq o saat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənə görə, hakim cənablarına yaranallıqdan savay İki stəkan şampanski də veriblər. Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar. Belə xəyanətkarlar xüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə, oxuyarsınız. Mən həmişə belə güman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib, hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardan dünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçənd burada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməllərini aydın görür. Əlavə hər bəndənin çiyinlərində İki nəfər kiramülkatibeyn deyilən mələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundların buyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlər çağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, o şahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər bir düşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlib şəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətə cəlb olunacaqdır. Məsələn, tutaq ki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kabab yeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisi vurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir: – Bəli, mənim ətim yeyilən vaxt filankəs vurub filankəsi öldürdü. Mən bu etiqadda olub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətinin advokatlığını edəcəkdir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya gön- 1804-cü ildə Gəncə xanlığı birinci dəfə alındıqdan sonra Qarabağ xanı İbrahim xan əhvalatdan xəbərdar olub, öz xahişi ilə Kürəkçayda knyaz Sisyanovun xidmətinə gələrək, xanlığında baqi qalmaq şərtilə Rusiya imperatoruna izhari-təbəiyyət etmiş. Knyaz məmnuniyyətlə qəbul edib, padşah tərəfindən xanı general-mayor ləqəbi ilə təbrik edəndən sonra imperatorun şərəfinə içmək üçün xana bir bakal şampanski təklif etmiş, xan şampanskini içmiş və şərab damağına çox dadlı gəlmiş. Bir qədər söhbətdən sonra xanın könlündən yenə şampanski içmək keçmiş, üzünü knyaza tutub xəbər almış: – Padşahın şərəfinə bir dəfə də içmək olarmı? Sisyanov: “Çox gözəl olar” – deyə ikinci bakalı xanın damağına vermiş (Müəllif qeydi). dərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata. Amma belə deyilmiş. Qiyamətə gələnlərin hamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpünün adına Püli-Sirat və bizim dildə “Qıl körpüsü” deyirlər. Bu körpü qıldan nazik və ülgücdən itidir. Hər qiyamətə gələni gətirib, körpünün başında dayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürüb körpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, İki qədəm qoyduqdan sonra guldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə. Odabaşı söyləyirdi: – Bu körpüdən yıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar. Məsələn, burada bir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namaz qılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndi idi. Bunu eşidən tək, həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bu kişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdan onun mənzuru nə ola bilər? Heç bir şey! Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndi qıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu Ağa Baqiri-Məclisi, Fazili-Ərdəbili və Fazili-Dərbəndi mövhumat sahəsinin ən fəal qəhrəmanlarıdırlar. Bunlardan həm Azərbaycanda, həm İranda məşhur olan Dərbəndli Molla Ağadır ki, adına Fazili-Dərbəndi deyirlər. Kitabçamızda onun xüsusundə yazılanlar hamısı həqiqətdir. Fazili-Dərbənd cəmi rövzəxanların mürşididir: minbərlərdə onun adı ehtiramla çəkilməkdədir. Fazili-Dərbəndi mövhumata dair neçə kitab yazmış. O cümlədən “Əsrarüşşuhəda” adlı kitabı on-on iki cilddən ibarətdir. Bu kitablar hamısı Kərbəla vəqəsinə aiddir. Ondan əlavə “Irşadülqülub”, “Məxzənülbüka” və “Xabnamə” adında üç kitab yazmış. Bu kitabların ikisi mərsiyə kitablarıdır. Üçüncüsü isə Fazilin röyalarına havidir. Bu kitabda Fazil röyada gördüklərini həqiqət hesab edir və avam camaat da buna etiqad bağlayır. Məsələn, “Xabnamə”nin bir yerində deyir: mənim vətənim olan Dərbənddə bir yəhudi var idi. Bu şəxs həmişə şürbiliyə, fisq-fücurə məşğul idi. Yəhudi öldü. Gecə aləmi-röyada mən haman yəhudini behiştin qəsirlərinin birində görüb təəccüb etdim və onun behiştə nə növ düşməsini xəbər aldım. Yəhudi cavab verdi: Bir gün yol kənarında uzanmışdım. İttifaqən Imam Hüseyn zəvvarları gəlib mənim yanımdan addadılar və onların atlarının ayaqları altından qalxan tozdan bir qədər mənim siftimə qondu. Odur ki, yəhudiliyimə, tutduğum əməllərə baxmayaraq məni behiştə gətirdilər və cəmi günahlarım xudavəndi-aləm tərəfindən əfv olundu (“Xabnamə”). Fazili-Dərbəndinin şüarı: “Mən bəka, ov əbka, fətəbəka vəcəbət ləhül-cənnə”, yəni “ağlayana, ağladana və ağlayanlara özlərini oxşadanlara behişt vacibdir” (Müəllif qeydi). Molla Ağa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adını ehtiramla çəkirlər. Birdən belə iş? Osmanlılar deyirlər: “Böyük iftizah” Molla Ağa Fazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub baş yarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə, kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəs vücud. Belə də iftizah?! Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik babam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi: – Aşura günü mən Təbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbriz əhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscid tutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur. Birtəhər camaatı yarıb özümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq, qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbət saman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə də saman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatın hönkürtüsü, “ağa vay” naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfər qarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı. Fazili-Dərbəndi bu haləti görüb ucadan qışqırdı: – Əyyühənnas, hər kəs bacarır özünü bu xalis şiə kimi İmam yolunda qurban versin. Onun ruhu bu saat behiştdə peyğəmbərin öz qulluğundadır. İranın şəhərləri birbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onu istiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzil verirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğə üsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməli oldu. Tehranda bir nəfər İkiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqama yetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcbur oldu. Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib İki əlini ona tərəf uzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünə bir neçə saniyə baxıb buyurdu: – Qayçı gətirin! Bu əhvalatı gözü ilə görmüş bir şəxs nəql edirdi (Ə.H.). Camaat əhvalatdan bir şey anlamayaraq, dayanıb tamaşa edirdi. Qayçı gətirdilər. Fazil qayçını alıb şaha tərəf yeridi və dedi: – Sənin bığının qabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninlə mülaqat da haramdır. Bunu deyib öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsa da, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindən ona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqaya rehlət buyurdu. Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinə yetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığında dəfn etdi. Odabaşı üləmadan çox adamın adlarını çəkdi. Ancaq bir Fazili Dərbəndidən danışmaq kifayətdir. Günahkar cəhənnəmə düşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranın üstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrlə vurmağa və zəncir bağlayıb odun içində sürüməyə. Bu məlaikələrin yetmiş min köməkçiləri – türküsü – qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlində yetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə. Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəziləri sümüklərini sındırırlar. Xülasə, nə ərz edim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndə dedim: – Nə yaxşı olardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hər əli ilə bir inqilabçı tutub boğazından asdırsa, İki aydan sonra Rusiyada qurd quzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdi naçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd min manat çıxan deşiklər hamısı tutular. Cəhənnəm əhlindən birini yanıma çağırıb soruşdum: – De görüm, sənin də canını alandan sonra bu əziyyətləri verdilər? Dedi: – Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm. Bu binəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib ona içirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından su axmağa başladı. Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi: – A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqum ağacının meyvəsindən verirlər, yeyir. Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Dedi: – Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm. Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən də çox əziyyət dəyibdir. Cəhənnəmli məndən soruşdu: – Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi? – Görmüşəm. Çox yaxşı görmüşəm. Bir kasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim öz yanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyi getdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahı verib, kəndlini o zalımın əlindən qurtardım. Cəhənnəmli dedi: – Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərz eyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlinci göydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindən od çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanınca beş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə. Qabaqca İsfəhtail adlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim. Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bənd olmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma, çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər. Yazıq kişi söhbətini qurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruq ilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə. Odabaşı məni heyrətdə görüb dedi: – Bu günahkar yetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərinin uzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıb çıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qərar atacaq odun içinə. Bundan sonra odabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına. Zəqqum ağacı cəhənnəmin yeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır. Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsi var. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytan başına oxşayır. Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağır var ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəm ayında dəstəbaşılıq üstündə dava düşübdür. Odabaşıdan soruşdum: – Bu nə səsdir? Dedi: – Cəhənnəm əhli Iblisi arakəsməyə salıblar. Bunu eşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarını sürüməyə başladı. Yığıncağa yaxınlaşıb gördüm: Iblis ki, cəhənnəmin sədri-idarəsidir, bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafını alıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssir tutur. Biri deyir: – Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim. O birisi deyir: – Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın. Birisi deyir: – Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyən sənsən. Birisi deyir: – Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəllə qəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana, ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi? Birisi deyir: – Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məni yoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşında yazıb ərə verdim. O da gedən kimi öldü? Birisi deyir: – Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və “Nasixüttəvarix” də yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurub şeytanın bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər “Lənət sənə gəlsin, kor şeytan”). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişə dolduran ki, camaat elmdən nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Biz də hər bir yolla camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinə hökm edirdik. Birisi deyir: – Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun? Biz də camaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavət saldıq? Birisi deyir: – Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olar ki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Mən də neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm? Birisi deyir: – Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə sən məni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünü də quru yurdda qoydum. Birisi deyir: – Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecə- gündüz deyirdin ki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər yumşaq olar? Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını, pulunu, var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub, əlimdən getdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm. Birisi deyir: – Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim? Sən məni yoldan çıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç birisi cürət edib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun sözünə aldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta palıd udan kimi uddum. Birisi deyir: Sultan Əbdülhəmid İrəvan müsəlman cəmiyyəti-xeyriyyəsinin 1902-1907-ci sənədə sədri olan İrəvan xanlarından birisi. – Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğum yerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb, günaha batıb, qiyamət əzabına giriftar oldum? Birisi deyir: – Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki, insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakı buğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata. Birisi əlində bir varaq kağızı Iblisə göstərib deyir: – Ay Allahın lənəti sənə gəlsin, sən deyildinmi mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalnİki Vinokurova ver? Mən də sənin sözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə. Nə qədər özüm yanıram, bu kağıza bir zad olmur. Bu danışanı mən tanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım. Bu şəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir: Oxucular məni bağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləri ilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var. Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər. Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri... və i.a. Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə də bəylik təliqəsi veribdir. Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçı Muraddan danışaq: Ağdam tərəfə yolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kənd hal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəy olubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahir olduğund an xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bə Cavanşir qəzası mülkədarlarından Adıgözəl bəy Adıgözəlova işarədir. yin nəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünədə anası şahzadə olduğundan xan deyilir. Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildəüç ay pul olar, doqquz ay müflisdirlər. İndi “pişxurd” ləfzini də bir izah etmək lazımdır. Bu ləfz farsləfzidir. “Pişxurd” – qabaqca yeyilən. Qocaqurd mahalında buğdanı biçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirlər yaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər. Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqca döyüb satırlar. Belə döyülən buğdaya “pişxurd” deyirlər. Yuxarıda dedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndə lazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın bir hissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə. Şəhərdə bir neçə gün evdə əyləşib dərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libas hazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara, kluba, bulvara. Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb, yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla. Çetvorti sort da bəylər var. Bunlara “cır bəylər” deyirlər ki, varyoxlarını qumara, Tiflis və Bakı kefinə verib, İndi dövlətli bəylərin qapılarında sülənirlər. Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeri yırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə də özlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər. Dördü bir yerdə cəm olanda Tiflis qəstinlərində sürdükləri kefdən bir-birlərinə söyləyərlər. Bəli, kağızın əhvalatı belədir: – Bir gün Qocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb bir yerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək. Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylər bir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində, cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir: – Sizin ki belə fikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz? Çox gözəl iş görübsünüz. Mən özüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundan bir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qol qoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən burada borclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qol qoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalınca getməyi də öz boynuma götürürəm. Məclis hamısı bəydən razılıq edib, ərizəni ona tapşırırlar. Bəy ərizəni qoynuna qoyub, bir az söhbət edib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi: – İnşallah bir həftə çəkməz ki, ərizə hazır olar. Bəy at üstündə getdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi: – Bircə siz bu tülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb bir yerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsi deyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığa bax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan? Sənin dədəbabanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlib özünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənim atamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi? Sən adını nə qoyub ortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!.. Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: “Alçaq dağları mən yaratmışam”. O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanada yatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağını yumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçə naçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindən xəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası qaçaq Qurbanəlinin bacısı deyildimi? İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz. Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Bir belə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək, ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işə sən nə deyirsən? Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-on bambılısı yığılıb bir yerə – nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq! Axır siz nəsiniz adam yıxasınız? İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundan sonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıb qoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər. Mən, əvvələn, gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. O kişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə, yağ müftə, düyü müftə, motal, qatıq... hamısı müftə. Quzudan bir sürü qayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən bir belə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm; qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun. Bəy bu fikri eləyib, atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə. Vinokurov otaqdan çıxıb bəyə əl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu. Bəy içəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım da samovarın yanında əyləşib. Bəy ədəblə xanıma təzim etdi və xanım da İki barmağının ucunu ona uzadıb dedi: – Buyurun bir stəkan çay için. Bəy: – Çox razıyam, – deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çay töküb verdi. Bəy çay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindən bir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvət törənən işdən xəbərdar olub tədbir edirdi. Bəyi xəlvətcə çəkib dedi: – Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar. Bəy cavab verib dedi: – Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdən göyədək razı olacaqsınız. Naçalnik qalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi. – Söylə görək, nə xəbərdir? – Daha nə xəbər olacaq. Getmişdim “Güngörməz” kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflar bir yerə toplaşıb ərizə yazdırırlar. Soruşdum: – Bu nə ərizədir? Dedilər: – Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdə qalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaat da rahat nəfəs ala. Vinokurov bu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündən düşdü. Qışqırıb dedi: – And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddi var məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidə məndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlar hansılardı? Bəy ərizəni qoltuğundan çıxardıb qoydu naçalnİkin qulluğuna. – İzvolte! Vinokurov sonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıb cəhənnəmə göndəriblər. Cəhənnəm əhli qışqırdıqca Iblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, onda taqsır yoxdur və deyirdi: – Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizə veriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur, məndən yaxşı əməl baş verməz, amma yenə sizi inandırıram ki, dünyada baş verən bəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öz içinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinə su tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən? Bu halda camaat arasından bir şəxs ayrılıb, Iblisə tərəf yeriyib söz demək istəyəndə Iblis qızardı. Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı İki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribə keyfiyyətləri var: mən ancaq birini nağıl edim. Neçə vaxt bundan əqdəm Qocaqurd mahalının naçalnİki mahalın dörd nəfər dikbaş, artıq-əskik danışanlarından İki yüz altı qazağın qabağına salıb, qovdurub atların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi. Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinə verib, o qədər süründürmüşdü ki, axırda yazığın İki gözü də yerindən pırtlamışdı. Naçalnİkin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatı hər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat bir neçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər. Bəy camaat vəkillərinə üz tutub dedi: – Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinə görə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətini saxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskik danışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedin öz taytuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın. Camaat vəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar. Vəkillər gedəndən neçə gün sonra, həmin bəy bir belə zülm edən naçalnİki yüzədək adamla evinə qonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərinin hamısı bir yerə yığışsaydılar bacarmazdılar. Qocaqurd mahalının camaatı bəyin bu hərəkətini öz əleyhinə açıqaçığına bir ədavət sayıb sözü bir yerə qoydular ki, onu “bayquş” eləsinlər (Qocaqurd mahalında bir molla var “bayqota” “bayquş” deyir). Bir müddət camaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi: – Müsəlmandırlar, bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr? Bazarda ət satmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğda satmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı. Atına arpa, saman vermədilər, yazdı, qazaq əfsəri göndərdi. Beləliklə, neçə müddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəm dayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökərini qovdu, dedi: – Get ağana degilən başımdan rədd olsun. Yavan çörəklə də iş keçmədi. Axırda bəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi. Bəy bir damın üstünə çıxıb üzünü camaata tutub dedi: – Camaat! Siz məni bayqot edibsiniz. Bu sizin işinizdir, sizing məsləhətinizdir. Mənim də sizə bir sözüm yoxdur. Ancaq izn verin sizə İkicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlik oturum evimdə. Camaat qışqırtı salıb bəyə söz vermək istəmədi. Ağsaqqallardan biri xalqa üzünü tutdu: – Camaat! Qoyun sözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək. Hər yerdən səs gəldi: – İstəmirik, danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını. Güclə yaxamız əlindən qurtarıb. Ağsaqqal dübarə camaatdan xahiş edəndən sonra dedilər: – Danışsın. Ancaq uzun eləməsin. Bəy dedi: – Mən necə ki, dedim, sizə İkicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdən götürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənim sözüm. Bəy bunu deyib damdan endi və getdi evinə. Camaat səs-səsə verib dedi: – Bəy əcəb söz danışdı! “Gedib rus olaram”, cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığında camaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsən bəy nə buyuracaq?! Yenə həmin ağsaqqal ortalığa çıxdı. – Camaat! Siz bəyin sözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan söz danışmaz. Yəqin sözünün canı var. Amma məlumdur ki, bunun hiylələrinin müqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz də gərəkdir qorxaq. Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib, əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindəneşiyindən əl çəkib, arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz. Camaat bir az fikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər: – Bəy, biz bayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə! İblis dedi: – Camaat! Şeytan mən deyiləm, bu kişidir, İndiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpa ola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsiz adamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Belə şeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən. İblisi cəhənnəm əhli bir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) verib qulluqdan çıxsın. Amma buna bir şey mane oldu. Nagah havadan bir mələk göründü və mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncər tutmuşdu. İblis mələyi camaata göstərib dedi: – Baxın görün, o havadakı nədir? Mənim gözüm əməlli görmür. Cəhənnəm əhli qoçu görən tək əzabı yaddan çıxardıb: – Ay camaat, qoç döyüşdürəcəklər! – deyə qışqırıb qoça tərəf yüyürüşdülər. Iblis də bundan istifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi. Qoça tərəf gedənlərin lap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır, eşqabadlılar... Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savay hamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər: – Qardaş, qoç döyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzət apara! Bu halda gördüm bir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim: – Ədə, nöşün qayıtdın? İçərişəhərli sözümə cavab verib dedi: – Bir mənə deyən gərək ay ur... ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən? Məgər sənin başında ağıl yoxdur? Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz, meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat verib bir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpək qalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini İki rəs qovdu. Kəblə Meydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki, İki dal qıçları üzüldü... Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pul verib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm. Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən də buraya gəlmişəm. Xeyir a... nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvə güləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır. Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hər dəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantal elədi... İçərişəhərli nitqini qurtardı və yığıncaq hamısı onun köpəyinə “afərin” dedi. – Ax, a namərd oğlu! O gülləni köpəyə vurunca mənim bircə oğlumun ürəyinə vuraydın! Bu dəmdə havadakı mələkdən bir səs gəldi. Cəmi əhli-cəhənnəm sakit olub qulaq asdılar. Mələk deyirdi: – Bilin, ey əhli-cəhənnəm! Buynuzundan yapışdığım qoç ölüm qoçudur. Nə qədər ki bu qoç sağdır, insan üçün ölüm var. İndi mən bu qoçun boynunu vuracağam, ondan sonra insandan ölüm götürüləcək. Cəhənnəm əhli hamısı ağız-ağıza verib mələyə yalvardılar ki, qoçun boynunu vurmasın. Amma uzaqdan bir səs gəlirdi; o səs də mələkdən, qoçun tezliklə boynunu vurmağı xahiş edirdi. Məlum oldu ki, uzaqdan eşidilən səs, behişt əhlinin səsidir. Mələk cəhənnəm əhlinin yalvarmasını qəbul etməyib, qoçun boynunu vurdu. Cəhənnəm əhli çox məyus geri qayıtdı və hər kəs getdi öz məkanına. Şeytanı əhatə edib, öz günahlarını onun boynuna atanların kim olduqlarını oxucular, mən deməsəm də, aydıncasına anladılar. Bu şəxslərin dünyada da düşmənləri çoxdur. Çox işlərdə onları müqəssir görürlər. Amma bəzi ovqat onlar da işə yarıyırlar. Mən oxucularıma özüm şahid olduğum bir fəqərədən danışım. 1909-cu ildə mən Bakıda bir paraxodstvada müfəttiş idim. Bir gün idarə işi üçün bir yoldaşla Eşqabada getmək lazım oldu. Bir gəmiyə əyləşib, Krasnovodsk tərəfə rəvan olduq. Sərnişin gəmidə biz İki yoldaş idik və palubada da yüzə yaxın İran fəhlələri əyləşib vətənlərinə gedirdilər. Bakıdan biz yola düşəndə hava gözəldi və tufan əlaməti görünməyirdi. Nəhayət, beş-altı saat yol gedəndən sonra bir xırdaca külək başladı əsməyə, külək getdikcə güclənib, axırda tufan halətini aldı. Göyün üzü tutuldu, dərya qaraldı, suyun mövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Birdən gəminin bir ucunun dağın başına qalxmağı hiss olunurdu. Dalınca guya gəmini qəflətən bir quyunun təkinə salırdılar. Gəmi titrətmə tutmuş adam tək uçurdu və onun cəmi mıxçaları səsə gəlirdi. Hər bir dəqiqədə gəminin qərq olması gözlənirdi. Fəhlələrin dilindən “ya Allah” səsi göyə dirəklənirdi. Çoxusu ölümlərini göz qabaqlarına alıb “kəlməyi-şəhadət” oxuyurdular. Vaxtlar Bir nəfər Məkkədən qayıtmaqda olan hacı, xurcundan bir torba torpaq çıxarıb suya atdı və dedi: – Bu, Məkkə türbətidir. Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Əlbəttə, bu saat dərya sakit olacaq. Sərnişinlər hamısı hacıdan razılıq etdilər və dəryanın yatmasını gözlədilər. Çifayda, dərya, daha da şiddətlə gəmini atıb-tutmağa başladı. Kapitan gəminin nə qabağa, nə dala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Lövbər atdılar. Gəmi dayandı. Ancaq dayandığı yerdə atılıb-düşməkdə idi. İki gün İki gecə gəmi suyun üzündə bu halətdə qaldı. Üçüncü günü dərya bir qədər sakitləşdi. Gəmi də yola düşdü. Bakı ilə Krasnovodskın arası ancaq on altı saatlıq yol olduğundan, fəhlələr bir gecəlik azuqə götürmüşdülər. Olan azuqələrini yeyib, axırıncı gün aclığa davam gətirə bilməyib, kapitanın üstünə tökülüb ondan çörək istədilər. Kapitan onlara suyun üzündə çörək tapmağın mümkün olmadığını və Krasnovodska ancaq altı-yeddi saat yol qalmasını hərçi deyirdisə də, fəhlələr ona inanmayıb çörək istəyirdilər. Axır yazıq kapitan bizə tərəf gəlib dedi: – Siz bunların dilini bilirsiniz, bunları inandırın ki, altı-yeddi saatdan sonra sahilə çıxacağıq. Mən və yoldaşım durub getdik fəhlələrin arasına, hərçi nəsihət etdik, inandırdıq, kar etmədi. Sözlərinin üstündə möhkəm dayanıb, bir dillə çörək istədilər. Bir də baxdım kənarda bir molla sakit, başını aşağı salmış, mütəfəkkir əyləşibdir. Mən mollaya tərəf getdim və dedim: – Cənab axund, bu adamların etibarı sizə bizdən çoxdur. Mən size inandırıram, siz də bunları inandırın ki, altı-yeddi saatdan sonra kənara çıxacağıq. Molla qulaq asıb dedi: – Canım, özünüz bilirsiniz ki, ac qılınca çapar. Bu adamlara çörək lazımdır. Mən onları sakit eləyə bilərəm? – Yenə bir fikir edin. Molla bir qədər fikrə gedib dedi: – Bunlar acdırlar. Nəsihət-filan onlara kar etməz. Yaxşısı budur ki, bu camaata bir mərsiyə oxuyam. – Çox gözəl, Allah atana rəhmət eləsin. Molla bir mərfəşin üstünə çıxıb “Səlləllahü əleykə ya Əba Əbdüllah” deyən kimi tamam sərnişinlər aclıqlarını yadlarından çıxarıb, cəm oldular mollanın ətrafına. Molla qabaqca bir uzun vəz başladı. Belə ki, vəzi əqəllən saat yarım çəkdi. Vəzdən sonra keçdi mərsiyəyə. Bir azdan sonra baxdım ki, camaat aclıqdan və ağlamaqdan bihalət olub, hamısı yan-yana tökülübdür. Bir qədər getdikdən sonra Krasnovodskın dağları göründü və camaat da xatircəm oldu. İndi mollalara düşmən olanlar, mollaları bəyənməyənlər, bilsinlər ki, lazım olan yerdə molla da kara gələr. Camaat arasında gəzərkən keçmiş dostlardan, tanışlardan, aşnalardan bir-bir görürdüm. Amma bizim həftə bazarında alış-veriş eləyən Məşədi Sünbəni hamıdan yaman gündə gördüm. Bu şəxsin adı özgə idi. Amma xalq onu ləqəbi ilə tanıyırdı. Ona Məşədi Sünbə ləqəbi verilməsində bir qəribə nağıl var: Bir gecə məşədi evində yatdığı yerdə eşidir ki, darvaza döyülür. Durub darvazanı açıb görür ki, şəhərin üç nəfər məşhur oğruları qapıda durublar. – Bala, bu gecə xeyirdimi? – Xeyir olmamış nə var? Xoca Hamparsumun dükanını yarıb, budur mallarını gətirmişik. Əgər müştərisən girək içəri? Məşədi oğruları salır içəri. – Qadanızı alım, açın, görüm mətaınız nədir? Oğrular çiti, məxməri, ay-ulduzu, zərli parçaları, firəng qanovuzunu... açıb tökürlər məşədinin qabağına, məşədinin gözləri məşəldar pişiyin gözləri kimi başlayır parıldamağa. Deyir: – Sizə qurban olum, qiymət deyin! Çitin arşını bir şahıdan, ay-ulduzu İki abbasıdan, məxməri on şahıdan və qalan malı da bu ayaqdan qiymət edirlər. Və məşədiyə deyirlər ki, arşını gətirib ölçüb götürsün. Məşədi gedib arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsini ki, uzunluğu İki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içir ki, bu sünbə nəinki tamam arşındır, hətta arşından İki verşoq da azdır. Haman tüfəng sünbəsi ilə oğurluq parçaların hamısını ölçüb alır. O səbəbə onun adı da “Məşədi Sünbə” qalmışdı. Məşədi Sünbənin İki ayaqlarını sifətinə bağlayıb cəhənnəmdə aşağıyuxarı sürüyürdülər. (Odabaşının dediyinə görə cəhənnəmdə bu tənbehi ribaxorlara eləyirlər). Bu kişinin, necə ki yuxarıda ərz olundu, həftə bazarında dükanı var idi. Dükanında artıq mal saxlamazdı. Amma yanında həmişə nəqd pul olardı və cəmi ətraf kəndlərdə dara düşənlər atlarını minib birbaş Məşədi Sünbənin yanına gedərdilər. O da kimə əlli manat, kimə yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pul karsazlıq eləyərdi. Odabaşının vasitəsi ilə mələkdən təvəqqe etdim ki, İki dəqiqəliyə məşədinin ayaqlarını açsın. Ona bir-iki deməli sözüm var. Mələk təvəqqemi qəbul edib məşədinin ayaqlarını açdı. Məşədi ayağa qalxıb, məni görəndə başladı hönkürüb ağlamağa. Gözlərindən yaş yerinə ərinmiş qurğuşun axdı. Dedim: – Məşədi, bu nə işdir? Dedi: – Ax Xortdan, sən Allah, dərdimi soruşma. Mənə hər nə eləyirlərsə, haqqında eləyirlər. Mənə deyən gərək: ay həpənd, pulun var, qoy cibində qalsın. Nə borcundu bu kənd camaatının qeydinə qalırsan? Acından ölür, qoy canı çıxsın, ölsün! Yəqin Allahın məsləhəti belədir; yəqin Allah məsləhət bilib ona yetirməyir... Nə borcundur gedib onun əlini tutub pul verirsən? Bir şəxsi ki, Allah ac eləyə, insanın nə haqqı var ki, deyə mən gedib onun qarnını doyuzduracağam! Odur ki, adamı bu günə salırlar. Məşədi bu yerdə başına İki əlli, tutarlı bir qapaz saldı. Dedi: – Di, canın çıxsın, yan! Öləndən bir neçə gün sonra oğlumun vaqiəsinə girib dedim: – Bala, olmaya-olmaya fəqir-füqəranın əlindən tutub, pul borc verərsən! Nə borcundur. Qoy Allah özü yaratdığı bəndəsinin fikrini çəksin. Soruşdum: – Məşədi, verdiyin pullara insafsız müamilə almayırdın ki? Dedi: – A kişi, and olsun yediyimiz çörəyə (hərçəndi mən onun evində çörək yeməmişdim), and olsun oğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıq almışamsa, Allah mənim evim Sələmçilər künfəyəkün eyləsin, gecə Allah evimi dağıtsın, əgər veksel kağızının pulunu da öz cibimdən verməmişəmsə. Bu halda bir mələk yetişib məşədinin sinəsinə bir yumruq nə təhər çırpdısa, yumruq İki kürəyinin arasından çıxdı və əlində bir parça kağız tutub əmr etdi: – Oxu, naməyi-əmalını! Məşədi dedi: – Ay qurbanın olum, naməyi-əmalımı mənə daldan göstərirsən, mənim ki, başımın dalında gözüm yoxdur. O vaxt bir ayrı mələk, gəlib onun boynunu şaqqıltı ilə sındırıb, üzünü dala çöndərdi və dedi: – İndi oxuya bilərsən! Məşədi oxudu. O kağızda yazmışdılar: “Ribaxor”. Bu söhbətdən sonra məşədinin ayaqlarını yenə sifətinə bağlayıb sürüyə-sürüyə üzüqoylu apardılar. Mənim qonşum hacını gözlər olsun görməsin! Yaman gündə gördüm gəlir, boynundan neçə ədəd, hər biri bir pud vəznində qara daşlar asılı, cəhənnəm mələklərindən neçəsi əllərində odlu taziyanə döyədöyə cəhənnəmi gəzdirirlər. Məni görən tək hacı İki əlləri ilə üzün bərk örtdü. Daşları onun boynunda görəndə ona verilən əzabın mənasını anladım. Hacının şəhərdə parçaçı dükanı var idi. Bahar fəslində böyük oğlunu dükanda qoyub, kiçik oğlunu da özü ilə götürüb kəndlərə yağ almağa gedərdi. Hacı tərəziyə çəki ölçüsü yerinə, çayın daşlarından qoyardı. Daşın birinə girvənkə, o birisinə beş girvənkə, ya on girvənkə adı qoyub, onların çəkisi ilə kəndlilərdən yağ alardı. Bizim kəndlilərin hər birisinin evində bir əyar qabı olar ki, onun içinə nə qədər yağ tutması birdəfəlik müəyyən edilər. Bir dəfə bir kəndli öz hesabı ilə on girvənkə yağ satmaq üçün hacının yanına gətirir. Hacı bir heyvərə daşı tərəzinin bir gözünə qoyub, o biri gözünə də yağı qoyub deyir: – Bala, sənin yağın tamam yeddi girvənkədir. Kəndli təəccüb edir: – Hacı əmi, mənim bu qabım tamam on girvənkə yağ tutur. Həmişə də peşəm aparıb satmaqdır. İndi nə olubdur ki, sənin tərəzində yeddi girvənkə gəlir? Hacı əmi, sənin bu daşın yeddi girvənkəyə oxşamır. Yeddi girvənkənin daşı xırda olar, bu böyüklükdə olmaz. Hacı cavabında deyir: – Getdiyim Məkkəyə and olsun, çayda bu daşdan böyük daşlar çoxdur. Götürmədim. Bununla belə, hacının kəndlilər arasında böyük etibarı var idi. Etibarı da, qulaq verin, görün nə qoçaqlıqla qazanmışdı. Yuxarıda dedik ki, hacının parçaçı dükanı var idi; hacı, Məkkə ziyarətindən qayıdandan bir az sonra, bir gün neçə nəfər kəndli parça almaq üçün hacının dükanına gəlirlər. Hacı bunlara istədikləri parçadan satıb yola salır. Kəndlilər gedəndən bir saat sonra hacı qalxıb onların dalınca yüyürməyə üz qoyur. Şəhərdən bir-İki vers aralanmış, kəndlilər daldan çığırtı eşidib, dönüb dala baxıb görürlər ki, budur, hacı nəfəsini ağır alaraq tər basmış, dili ağzından bir qarış çıxmış: – Ay qardaşlar, dayanın, – deyə sürətlə gəlir. Kəndlilər ayaq saxlayırlar: – Hacı əmi, nə xəbərdir? Yoxsa pulunu əskik vermişik? Hacı deyir: – Yox, hacı əmin dərdini alsın. Siz gedəndən sonra mən daxılımı hesabladım. Baxdım gördüm ki, sizin beş manatınız məndə artıq qalıbdır. Mən Məkkədən neçə gündü gəlmişəm. Elə onsuz da öz malıma haram qatmaram. Əgər o beş manat mənim cibimdə qalsa, əvvələn tamam qazancım it qanından murdar olar, İkinci, haman beşlik qiyamətin günündə bir parça od olub mənim bədənimə yapışar. Alın pulunuzu. Sizə mənim bu canım qurban. Bunu deyib hacı, kəndlilərə beş manat verib və onları heyrətdə qoyub dala qayıdır. Bu əhvalat dildən-dilə düşür və düşməyinə hacı özü də bir qədər kömək verir. O gündən hacı kənd camaatının gözündə müqəddəs və peyğəmbərliyə layiq bir şəxs olur. Hamı bunu yəqin edir ki, belə adam müştəri aldadıb, malına haram qatmaz. O idi ki, hər bir şəhərə getmək çün atını yəhərləyən kəndli, birbaş hacının dükanına çapırdı. Hacı da çiti birə-İki qiymətinə sırıyırdı. Etibar yolunda xərclədiyi beş manat onun hədsiz sərvətinin bünövrəsi olmuşdu. Qiyamətdə hacıya kəndlilər baxan gözlə baxmayıb cəhənnəmə salmışdılar. Hacıdan ayrılıb bir neçə qədəm getmişdim, gördüm bir nəfər şəxs mənə tərəf gəlir; amma Gəncə quberniyasında məşhur ərizə yazan Dəsturova oxşayır. Əgər mənə desəydilər ki, Hacı Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı qoçuları and içiblər ki, adam öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bolşevik olub, inanardım, amma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı. Dəsturov mənə həmişə qardaşoğlu deyərdi. Ona görə yaxınlaşıb dedim: – Əmi, nə əcəb siz də burdasınız? Halonki mollalar sizin adınızı çəkəndə “Illiyi-aramgah” deyirlər. Dəsturov cəhənnəmin külündən bir qədər götürüb, burnuna çəkib (dünyada burunotu çəkərdi) dedi: – Qardaşoğlu, mən özüm də bilməyirəm təqsirim nədir. Bir gün mənim namazım keçməyib, bir il orucum keçməyib. Özün məni yaxşı tanıyırsan. Amma bu cəhənnəm müdirləri deyirlər ki, sən dünyada xalqı dolaşdırıb, pullarını alıb yeyirdin. Mən nahaq yerə kimin pulunu yemişəm? Almışamsa da, öz haqqımı almışam, hamı bilir ki, mən seyid və övladipeyğəmbərəm. Hər bir müsəlmanın sərvətində, mədaxilində, yerində, əkinində mənim cəddimin hissəsi var. Mən görəndə ki, hökumət adamları gəlib hər kəsin mülkünə sərhəd qoymaq istəyir, mən özümü haqlı bilib, gedib o mülkün bir hissəsinə özümü malik elan edirdim. Mülk yiyəsi mənə bir qədər pul verəndən sonra ixtiyarımdan əl çəkərdim. Mən belə deyirəm. Amma bunlar deyirlər ki, belə deyil. Xalq sənə pul verib yaxalarını divan get-gəlindən qurtarırdı. Sənə iyirmi manat verəndə yüz manat xərcdən və neçə ilin avaralığından xilas olurdular. Sən də bunu hər bir mejevoy olan yerə gedib ispor qoyurdun. Nə qədər and içirəm inanmırlar. Gündə neçə dəfə qurğuşun əridib boğazıma tökürlər. Dəsturov həqiqət, bir Allahdan qorxan, əhli-iman, xalis Əli şiəsi, şeyxi təriqətində bir kişi idi. Təharəti, izaləyi-nəcasəti gözləməkdə əvəzi yoxdur. Birdən labüd qalıb, bir erməniyə əl verəndən sonra evinə gedincə əlini havada saxlardı və evə gələndən sonra əlini möhkəm suya çəkərdi. Əlində həmişə ağacı olardı. Gər bir məclisdə onun ağacı bir neçə erməni, ya rus ağacları ilə bir küncə qoyulsaydı, ağacı çuxasının ətəyi ilə tutub, gətirib evdə həmçinin, suya çəkəcək idi. Müsəlmanlıqda belə möhkəm adam idi. Məclislərdə həmişə şəriətdən, təriqətdən söhbət salıb, İmamın min verst məsafədə nə olduğunu bilməyini sübut edərdi və Əli-ibni-ƏbuTalibin dünyanın xilqətindən qabaq varlığına neçə-neçə dəlillər gətirərdi. Həmçinin Əli ilə Allahın arasında bir fərq olmadığına Qurandan, üləmanın kitablarından, hədislərindən şahid gətirərdi. Bir dəfə bir məclisdə üsuli mollaları ilə şeyxi mollaları arasında yuxarıda zikr olunan məsələlər üstündə böyük mübahisə oldu. Üsuli mollaları sübut edirdilər ki, İmama Allah tərəfindən əmr olmasa divarın dalında nə olduğunu bilməz. Şeyxilər də deyirlər: – Vaxta ki, ona İmamət verilib, o hər şeyi bilir. Bunu da deməliyəm ki, Qarabağda, Naxçıvanda və bir para Qafqaz şəhərlərində, Təbrizdə... bu məsələ üstündə axundlar camaatı İki tirə ediblər. Bu İki tirə həmişə bir-birilə ədavətdə idilər. Hətta bir-birlərinin küfrlərinə də hökm edirdilər. Məclisdən çıxdıq. Dəsturov əlinin mənim kəmərimə keçirib dedi: – Qardaşoğlu, bu üsulilər adlarını müsəlman qoyublar. Amma sırf kafirdirlər. Bunlar İmamın, xüsusən Əli-ibni-Əbu-Talibin məqamını bilmirlər. Mən Əli-ibni-Əbu-Talibin kəramətindən sənə bir şey söyləyim. Sən də yeri düşəndə bu kafirlərə söylə. İnanmırlar, gedib Ağa Bağır Məclisinin kitablarına baxsınlar. Vaxta ki, peyğəmbər əleyhissalam meraca getdi, yeddinci göyə çatanda səs gəldi: “Ya rəsulullah, buradan yuxarı daha çıxa bilməzsən, burada dayanacaqsan”. Bu səs peyğəmbərin qulağına aşna gəldi. Əlinin səsinə oxşadı... Qulaq ver, dürüst qulaq ver! Bir az vaxtdan sonra bir ədəd yaqut məcməyidə peyğəmbərə Allah tərəfindən şirbrinc (südlü sıyıq) gəldi. Peyğəmbər ərz elədi ki, pərvərdigara, mən bu şirbrinci tək yeyə bilməyəcəyəm. Bu halda bir əl gəlib, onunla şirbrincdən götürüb, yeməyə məşğul oldu. Düyünün bir dənəsi haman əlin üstünə yapışdı. Peyğəmbər meracdan qayıdıb, Əlini hüzuruna çağırdı. Baxıb nə gördü? Şirbrincin düyüsü Əlinin əli üstündə idi. İndi gəl, bu əhvalatı bu kafirlərə anlat! Yüz deyəsən inanmayacaqlar. Əlinin məqamı belə böyükdür. Hələ bundan da bir qəribəsini nağıl edim... Dedim: – Buyurun! Dəsturov başladı: – Bir vaxt Mədinənin ətrafında bir böyük əjdaha peyda oldu. Bu heyvanın yetmiş min ərəş uzunluğu idi, yeddi min ərəş eni və yeddi min ərəş qalınlığı idi. Mədinə əhlindən kənara çıxanı əjdaha haman saat kamına çəkib udurdu. Belə ki, xalq qorxusundan evlərinə dolub, eşiyə çıxmağa cürət etmirdi. Bir dəfə əjdahanın müqabilinə böyük qoşun göndərdilər: əjdaha qoşunun hamısını yaraq-əslihələri ilə bir yerdə kamına çəkib uddu. Belə yaman heyvan idi! Bir gün bu əjdaha daxil oldu Mədinənin küçəsinin birinə və küçə ilə sürünüb girdi Əbu-Talibin evinə. Əbu-Talibin adamları qaçıb künclərə qısıldılar. Əli o vaxt bir yaşında idi və beşikdə yatmışdı. Bir də baxdılar: uşaq qollarını bələkdən çıxartmaq istəyir. Bir az çalışıb, əllərini bələkdən azad eləyib, bir əli ilə əjdahanın üst dodağından və bir əli ilə alt dodağından tutub, dartıb əjdahanı İki parça elədi. Get bunu da kafirlərə söylə. İnadlıqlarından buna da inanmayacaqlar. Bir dəfə Dəsturovun evində idim. Onun böyük oğlu bir kənarda oturub Vaqifin şeirlərini oxuyurdu. Birdən bu sözləri oxudu: Alimü abid, müridü mürşidü şagirdi-pir, Nəfsi-əmmarə əlində cümləsi olmuş əsir. Dəsturov məndən xəbər aldı: – Qardaşoğlu, “nəfsi-əmmarə” nə deməkdir? Dedim: – Yəni əmredici nəfs. İnsanı pis yollara dəvət edən nəfs. – Yox, belə deyil. Bunu da gərək biləsən, elmin arta. – Buyurun, əmi. – Elə ki, Adəmlə Həvvanı behiştdən qovdular, şeytan öz oğlu Xənnası gətirib bunlara nökər verdi. Ər və arvad bu nökərin əlindən təngə “Həmləyi-Heydəri” kitabından. gəldilər. Hərçi çalışdılar, onun əlindən qurtara bilmədilər. Axır bir gün Xənnası aldadıb, özləri ilə dərya kənarına aparıb, orada bunun bir qolundan, bir qıçından tutub atdılar dəryaya. Elə ki, Xənnas suyun dibinə getdi, xatircəm olub evə qayıtdılar. Evə yetişib gördülər ki, Xənnas qapıda əyləşib. Neçə gündən sonra Xənnası yenə aldadıb səhraya apardılar. Orada bir böyük ocaq qalayıb, Xənnası atdılar ocağın içinə. Xənnas yanıb kül oldu. Adəm və Həvva onun külünü havaya sovurub qayıtdılar. Gəlib yenə Xənnası qapıda oturmuş gördülər. Bu da olmadı. Bir müddət də keçdi. Bir gecə sübhədək ər-arvad fikirləşib sübh bir qazan su qaynadıb, Xənnası atdılar qaynar suyun içinə, Xənnas suda bişdi. Sonra Adəm və Həvva bişmiş Xənnası çıxardıb yedilər. O vaxtdan şeytan Adəm övladının qəlbində qalıb, onu hər bir pislik tərəfinə çəkir. “Nəfsi-əmmarə” buna deyirlər. Dəsturovun ərizə yazmaqda yədi-beyzasi var idi; hər məsələ xüsusunda, hər idarəyə ərizə yazardı. – Bəy, axır yağış yağmayır, nə etməli! Bağlarımız, əkinlərimiz yandı; bizə bir əlac! – Nə çətin işdir, bir ərizə yazaram, sabah yağış yağar. – Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı məhəl qoymur. – Bir ərizə yazaram, bir könüldən min könülə sənə bənd olar. – Bəy, bu ilin doludan və çəyirtkədən çox qorxusu var. – Ərizə yazaram, bir dolu düşməz və çəyirtkələrin də ağızları bağlanar. Ərizə yazmaq üçün bir tək elm kifayət eləməz. Mən ali təhsil görməmişəm. Bununla belə, mənim başım darülfünundursa da, yenə ərizə işində kar görməz. Əldən-ələ, qələmdən-qələmə çox təfavüt var. Kişinin ki, əqidəsi möhkəm oldu və xülusüqəlb ilə əlinə qələm aldı, onun ərizəsi daşdan keçər. Necə də ki, keçir. Dəsturov ərizələri və sair kağızları dəmir qələm və duru mürəkkəblə yazmaz idi. O deyirdi: – Bunları kafirlər icad ediblər. Odur ki, onlarla yazılan ərizələrin də təsiri olmur. Bəy həmişə təbrizlilər kimi qamış qələm işlədirdi. Rus hökuməti Qafqaza malik olandan sonra sabiq xanlıqların əhalisindən rus imperatorunun adına minlərlə ərizə göndərildi. Bu ərizələri göndərənlər ata-babalarına xanlar tərəfindən verilmiş bəyliyin və xanlığın təsdiq olunmasını rus hökumətindən rica edirdilər. Rus hökuməti bu ərizələrə cavab olaraq Gəncədə, Bakıda, Lənkəranda, Şuşada və sair xanlıqlar mərkəzində “bəy komissiyası” adında iyirmi dörd üzvdən ibarət bir komissiya tərtib edib, ərizə verənlərin və sair xahiş edənlərin həqiqi bəy olmaqlarının təftiş və müəyyən edilməsini bu komissiyaların öhdəsinə verdi. Komissiyanın birinə Dəsturov katib təyin olunmuşdu. Bu adam çox durbin olduğundan, bəy zümrəsinə düşənlərin hamısının xüsusi bir siyahısını tutub özündə saxlayırdı. O idi ki, bəyliyini sübut etmək istəyən birbaş gedərdi Dəsturovun qulluğuna. Dəsturov dəftərini açıb baxırdı. Elə ki, dəftərdə o şəxsin babasının adını tapdı, o saat bir qədər ondan para alıb, canişin dəftərxanasına bir ərizə yazıb, o adamın babasının filan nömrədə bəy yazılması haqqında “bəy komissiyası” işlərindən surət istərdi. Və surət də, əlbəttə, gələrdi. Bu iş Dəsturov üçün bir böyük mədaxil yolu olmuşdu. Və ömrünün axırınadək bu yolla dolanıb başı gora apardı. Dəsturovu cəhənnəmdə görəndə dedim: – Pərvərdigara, belə müqəddəs kişi cəhənnəmə düşəndə bəs behiştə kim göndəriləcək? Gözlərim qaraldı, başım gicəlləndi. Odabaşından xahiş etdim ki, məni tez buradan bir başqa yerə aparsın. Odabaşı dedi: – Gəl, bu yaxında bir kişi əyləşib. Görən tək tanıyacaqsan. Onun da halını görmək bəd olmaz. Odabaşının dalınca bir qədər gedəndən sonra oddan yapılmış bir böyük otağa daxil olduq. Otağın divarlarının uzunu kürələr tİkilmişdi. Hər kürənin qabağında bir nəfər əli kürəkli mələk dayanıb, kürəklə kürədən qızarılmış pullar çıxarıb, kürə ətrafında düzülmüş adamların qabaqlarına atırdı. Adamların başlarının üstündə, əllərində odlu taziyanə tutmuş taziyanə tutmuş mələklər onları döyüb, pulları saymağa məcbur edirdilər. Birdən bir səs eşitdim. – Atam-atam! Vurma, görürsən ki, sayıram. “Atam-atam” ləfzini eşidən tək, dostum hacını tanıdım: “Atamatam” onun təkyəyi-kəlamı idi. Hər kəslə danışsaydı deyərdi. Uzaqgörən Odabaşı dedi: – Bu yer xəsislər yeridir və sənə göstərmək istədiyim də haman bu kişidir ki, görürsən. Hacı Bakıda bir məşhur kişi idi. Istər dövlətdə, istər xəsislikdə. Neçə ədəd böyük imarətləri, gəmiləri, karvansaraları var idi. Bununla belə, gündə İki abbasıdan artıq xərc etməzdi. Yol uzaq olanda faytona minməzdi, çünki beş şahı fayton pulunu böyük xərc hesab edərdi. Həmişə qonkaya minərdi. Haraya istəsəydi, bircə şahı manata aparırdılar. Bəzi vaxt görürdü ki, yol uzaqdı, qonka da yoxdur, odur ki, faytona minmək lazım gəlir. Hacı dayanıb faytonları birbəbir ötürərdi: axırda cındır, ityatmaz fayton tapıb, ona yanaşıb, faytonçuya deyərdi: – Atam-atam! Sən bu gün axşamadək şəhəri boş-bekar dolanacaqsan! Heç kəs rəğbət eləyib, sənin faytonuna əyləşməyəcək. Üç şahı verim məni evə apar. Faytonçu deyərdi: – Ay hacı ağa, biz hamımız səni tanıyırıq. Sənin pulunun sayıhesabı yoxdur; belə simiclik nəyə lazımdır? Özün bilirsən ki, taqsı beş şahıdır; məndən İki şahı kəsib harana yamayacaqsan? Hacı cavab verərdi: – Yamadığım yeri yaxşı bilirəm. Mən dövləti beləliklə qazanmışam. İndi ki, çox danışırsan, bir abbası al. Axır faytonçunu bir abbasıya razı edib minərdi və deyərdi: – Bizim bu əyyamın cavanları hamısı acından öləcəklər. Çünki çıxacaqlarını bilməyirlər. Böyük dövlət sahiblərinin mayaları belə şahılarla əmələ gəlib. Hər qəpiyin qədrini bilsən, sən də axırda bir kişi olarsan. Mənim ticarətim var, “kontorum” var, alacağım-verəcəyim var. Görürsən, məsələn, bir nəfərə otuz, qırx min manat çatasıdır. Gəlib istəyəndə xahiş eləyirsən ki, üç gündən sonra gəlsin. Alıcı dinməyib gedir. Amma mənim üçün təfavütü çox olur. Otuz-qırx min manat bankda üç gün artıq yatanda filan qədər də artıq prosent gətirir. İndi, atam, belə-belə hesablar var. Bizim cavanlarımız, o cümlədən mənim oğlanlarım belə hesabları başa düşmürlər. Faytonçu faytonu qızğın sürəndə görürsən çıxardıb bir manat bağışlayırlar. Atam, nə üçündür bu? Məgər mənzilə beş dəqiqə gec çatanda qiyamət qopar? Fayton yavaş-yavaş gedər, canına da bir xəta toxunmaz. Mənzilə çatıb faytonçuya deyərdi: – Bax, atam sənə bir abbası manat verdim; amma nəsihətlərim min tümənə dəyər. Qulağında saxla, lazım olar. Günlərin bir günündə hacının bir gözü başladı xarablaşmağa. Qohuməqrəba hamısı hacıya göz həkimi yanına getməyi təklif etdilərsə də hacı qəbul etməyib dedi: – Bu göz həkimləri hamısı qulaq kəsən, cib kəsənlərdir; adamın cibini soyub, dərdinə də əlac etmirlər. Ya görürsən, üç gündə sağalası naxoşluğu altı ay uzadırlar. Yox, atam, mənim həkim işim yoxdur; atababa müalicələrindən eləyəcəyəm, qurtarsın getsin. Hacı bir gecə gözünə ağ ciyər bağlayıb yatdı. Bir neçə dəfə gözünə qız doğmuş arvadın südündən tökdürdü. Bir qonşu qarı, yumurtanın qabığını toz kimi edib, hacının gözünə səpməyi məsləhət gördü. Onu da elədilər. Bir özgə qarı dedi ki, göz ağrısının müalicəsi mirvari tozudur. Hacı bu müalicəni baha görüb qəbul etmədi. Xülasə, hacının gözü getdikcə xarablaşdı. Bir nəfər dərviş məsləhət gördü ki, təzə anadan olmuş kirpi balasını İki parça edib hacının gözünə bağlasınlar. Hər yeri axtardılar, təzə doğulmuş kirpi balası tapılmadı. Axırda hacını həkim çağırmağa razı etdilər. Həkim, hacının gözünə baxıb dedi: – Gərək məni vaxtında çağıraydınız. Gözün naxoşluğu şiddət edib. Amma yenə ciddi müalicə edilsə, ümid var ki, azar rəf ola. Hacı həkimə dedi: – Atam, sən gündə gəlib-gedib mənim üç manatlarımı çəkəcəksən, axırda da kim bilir gözüm sağalacaq, ya yox. Mən tacirəm, belə alışveriş mənə əl verməz. Sən gəl mənim gözümü “podrekə” götür. De görüm məndən neçə alıb, mənim gözümü sağaldacaqsan? Həkim hacıdan yüz manat istədi. Hacı cavabında dedi: – Yox, atam, əl verməz. Mən sənə bir kəllə qənd və bir girvənkə çay verərəm. Sən mənim gözümü sağaldarsan. Həkim gülüb dedi: – Hacı ağa, belə də sövda olarmı? Sizin tək zəngin adama belə danışıqlar yaraşarmı? Yoxsa zarafat eləyirsiniz? – Yox, atam, zarafat-marafat yoxdur. Əsil sözdür ki, deyirəm. – Onda bağışlayın, başqa həkim çağırın; bəlkə razı oldu. Xudahafiz! – Xoş gəldin! Həkim getdi. Hacı yanındakılara göz gəzdirib dedi: – Mənim ömrüm keçib, ayağımın biri qəbirdədir. Yüz manatın yüz dərdi var. Mən bir gözlə də dolana bilərəm. Bir azdan sonra hacının bir gözü kor oldu. Ölənədək taygöz yaşadı. Bir gün hacı “kəntorunda” əyləşmişdi. Gəmi rəhbərlərindən birisi daxil oldu: – Salaməleyküm, hacı ağa! – Əleykəssalam, atam! Gəmi salamatmı gəldi? Yük çoxmu gətirdi? – Bəli, hacı ağa, salamat gəldik. Yükümüz hamısı səbzədir. – Səbzə yaxşı yükdür. Mənim pambıq yükü ilə aram yoxdur. Özü çox, vəzni az. – Hacı ağa, bir iş var. – Nə iş? – Yolda gəmi fırtınaya düşdü. Belə ki, hər bir dəqiqədə bədbəxtlik gözlənirdi. Mən nəzir etdim ki, gəmi salamat gəlib çıxsın, bir qurban kəsim. Buyurun qoyun almaq üçün kassadan pul versinlər. Hacının halı fövrən dəyişdi. Kassiri qeyzli çağırıb buyurdu ki, “komandirə” on manat versin. Sonra üzünü komandirə tutdu: – Atam, budur, sənə on manat verirəm. Get qoyun al, kəs! Ancaq bundan sonra bir də belə nəzirlər eləmə. Nəzir etmək istəyirsən deg nən:“Üç gün oruc tutaram”. Hacının əlləri yanaraq, pul saymasına bir qədər tamaşa edəndən sonra yaxınlaşdım. – Xoş gördük, hacı əmi, əhvalın necədir? – Əhvalımın necəliyi göz qabağındadır. Sən kimsən, tanıya bilməyirəm. Bəs səni niyə yandırmayırlar? Dedim: – Mən hələ diriyəm. Öləndən sonra bəlkə yandırdılar. Bu saat mən cəhənnəmə səyahətə gəlmişəm. Bir neçə gündən sonra qayıdacağam dünyaya. – Amandır, atam, mənim halətimi heç kəsə nağıl etmə. Yoxsa hamı məni behiştdə bilir. Yoxsa gedib “Kaspi”də-zadda yazarsan, abrım tökülər. Ancaq oğlumu görsən, ona xəlvətcə deginən ki, boş yerə mollalara pul verib mənə Quran oxutmasın, heç faydası yoxdur. Dedim: – Məgər oğlun hələ gəlib buraya çıxmayıbdır? O çoxdan gərək burada olaydı. – Yoxsa oğlum öldü? – Çoxdan! Təəccübəm, harada qalıb. – Deməli, mənim yurdum kordur? Bəs mənim evlərim, paraxodlarım, karvansaralarım? – Oğlun öləndən qabaq hamısını yöndəmə qoydu. – Necə? – Əvvələn, oğlun həştad min manat pul verib bir yaranallıq çini aldı... Hacı dik atıldı: – Ay səni şoğəribə qalasan, ədə ay or... yaranallığı neyləyirdin! Mən istəsəydim məvaciblə qapımda on yaranal nökər saxlardım. Sən də gedib, mənim tər töküb, qazandığım pulu verib yaranallıq alırsan? Vay səni yerə girəsən! – Hacı, dayan, sonrasına qulaq ver. Oğlun kluba üzv yazıldı. – Ay başın batsın! Milyonların var, otur ye! Klubda, qumarbazlar məclisində sənin nə işin var? Mən ömrümün axırınadək klubun qapısını da tanımadım. Qumarbazlara yoldaş olan özü də qumarbaz olar. – Elə də oldu. Sənin bankda nə qədər pulun var idi, hamısını baxtaladı. Ondan sonra evlər, paraxodlar, karvansaralar hamısı birbəbir getdi. Istəyirdi ki, içində oturduğu evi də satsın. Qohum-əqrəba yığılıb, onu evdən qovdular, qaldı küçədə. – Acından öldü? – Yox, toxundan öldü. Onun arvadından savay bir rus qızı da aşnası var idi. Sənin sağlığında da o qız var idi; səndən xəlvət saxlayırdı. Sənin pullarından ildə neçə min manat o aşnasına xərc eləyirdi. Axır vaxt oğlunu bir naxoşluq tutmuşdu ki, həkimlər o naxoşluğa “it aclığı” deyirlər. Sübhdən axşamadək yeyirdi, doymayırdı. Evindən qovulandan sonra aşnası onu yanına apardı, orada ölənədək... yedi öldü. Hacı bunu eşidən tək tarap, dəydi yerə. Ürəyi getdi. Mələklər odlu taziyanələrlə onu döyüb özünə gətirdilər. Ayağa qalxıb mənə yalvardı: – Atam sənə qurban, burada deyəsən sənin hörmətini saxlayırlar. Deginən mənə bir belə əziyyət verməsinlər. Dedim: – Hacı əmi, bu yerdə mənim sözüm keçməz. Ancaq sənə bir tədbir tökə bilərəm. Bu yaxında Dəsturov adında bir kişi var. Ərizə yazmaqda çox qoçaqdır. Ona deginən Allaha bir ərizə yazsın. Bəlkə bir fayda verdi. – Afərin! Yaxşıca tədbir tökdün. Rəhmətlik oğlu, keçəl dərman bilsə öz başına yaxar. Dəsturov qoçaqdır, çalışsın öz canını qurtarsın. Mənə onun ərizəsindən fayda olmaz. Özgə əlacın varsa, söylə. – Özgə əlac bilmirəm. Ancaq, hacı əmi, sən böyük oğlunla da nainsaf rəftar elədin. Yaxşı iş görmədin. – Necə? Nə elədim? – Daha nə eləyəcəksən. O yazıq özünü öldürəndən sonra gedib, onun öz əli ilə tikdirdiyi əmlaka, öz zəhməti ilə qazandığı mala sahib olub, onun arvadını, uşaqlarını ac küçəyə buraxdın. – Necə? Yoxsa mən xilafi-şər iş görmüşəm? Şəriətin hökmünə əməl eləmişəm. Get hansı molladan xəbər alacaqsan al. Oğul ki, atanın qabağında öldü, onun malı atasına keçər. İkincisi, onun uşaqları rus qızından olmuşdular. Ac qaldılar, cəhənnəmə qalsınlar. Amma kiçik oğlum əlimə keçsə onun atasına od vuracağam! Mələk kürədən bir kürək dolusu qızarmış pul çıxardıb hacının qabağına atdı və kürəklə də bir dəfə başından vurub dedi: – Bura boş danışıq yeri deyil, işinə məşğul ol. Hacı yenə əli yana-yana pulları saymağa məşğul oldu. Biz getdik. Odabaşı ilə bir qədər getdikdən sonra gördük bir nəfər ağsaqqal kişi əlində oddan bir süpürgə cəhənnəmin küçələrini süpürür. Hər dəfə yorulub dayanmaq istəyəndə mələklər odlu gürzlərlə təpəsindən vurub işləməyə məcbur edirlər. Odabaşı dedi: – Bu şəxsi ki, görürsən, mənim həmşəhərlilərimdəndir. Bizim yerlərdə buna müctəhid deyərdilər. “Carubkeşlər” (süpürgəçilər) küçəyə çıxanda məlum olurdu ki, ağa bir yana buyuracaq və küçələri süpürtdürməkdən məramı budur ki, özünün və məiyyətində gedən şəxslərin ayaqlarının altında qarışqa qalar. Qalıb qırılmasınlar. Məyazar muri ki, danəkəşəst Ki, can darədu cani-şirin xoşəst. Mən cavabında dedim: – Yəqin ağa bir şeyi ya unutmuşdu, ya xalqın gözünə pərdə çəkirdi. Özün fikir elə. Ağanın özünün və yanınca gedənlərin ayaqlarının altında çox qırılsaydı bir-İki yüz qarışqa qırılacaqdı. Amma onun carubkeşlərinin hər süpürgəsinin altında neçə yüz qarışqa qırılırdı. Odabaşı mənim sözümü təsdiq etdi. – Belədir ki var. Odur ki, ona cəhənnəmdə süpürgə çəkdirirlər. “Dən daşıyan qarışqanı da incitmə, çünki onun da canı var, can isə şirin və xoşdur” (Sədidən). Bəli, elə ki bunun xüsusi süpürgəçiləri küçəyə çıxardılar, tamam əhali ağanın ziyarəti üçün küçəni o yan-bu yan tuturdular. Bir də görürdün, ağa bir məxmər çullu uzunqulağın üstündə göründü. Camaatdan “salavat” səsi asimana bülənd olurdu. Ağa ağ ləbbadə, ağ əmmamədə hər İki tərəfə camaata baş əyərək, həzin səslə deyirdi: – Salaməleyküm, əleykəssalam; salaməleyküm, əleykəssalam! Xalq dalınca yüyürüşüb, uzunqulağının ayaqlarının izindən torpaq götürüb, tutiya kimi evlərində saxlayırdılar. O torpağı suya salıb, vəzi həmli çətin olan qadınlara içirdirdilər, sancılanmış uşaqların qarınlarına sürtürdülər və sairə, habelə yerlərdə işlədirdilər. Uşağı olmayan qadınlar gedib, qarınlarını ağanın qapısının dabanlığına sürtərdilər. Bu gördüyüm şəxs belə bir müqəddəs vücud idi. İndi qulaq verin bundan sizə bir keyfiyyət nağıl eləyim. Dedim: – Buyur. Odabaşı başladı. Odabaşının hekayəsi Bizim qonşuluğumuzda İbrahim adında kasıbca bir baqqal olurdu. Bir yaxşı fəqir, təmiz qəlbli, heç kəsə əziyyət verməyən, qonşuların xeyir-şərinə həmişə qabaqca gələn xoşsifət bir kişi idi. Bunun gözünün ağı-qarası Fərman adından bircə oğlu var idi. Fərman gözəl, qoçaq, iş bacaran və şəhərin cavanları arasında sayılan, yoldaşlıqda möhkəm, dost yolunda var-yoxundan keçən və atası tək təmiz, pak qəlb bir oğlan idi. İbrahimin Hacı Kamyab adlı bir qardaşı var idi. Hacı Kamyab şəhərdə ən zəngin tacir sayılırdı. Onun ticarəti nəinki öz məmləkətində, hətta əcnəbi ölkələrdə də işləyirdi. Istanbulda, Bakıda, Tiflisdə, Batumda onun amilləri var idi. Rusiyanın hər şəhərinə onun malı işlərdi. Ildə bir dəfə hacı özü səyahətə çıxıb, təftiş və bazarların tələbatına bələd olmaq üçün Rusiyanı, Türkiyəni gəzib qayıdardı. Həştaddan çox kəndi var idi. Bir böyük xalı, gəbə fabrİki var idi. Neçə yüz əmələ fabrİkində və kəndlərində işlərdi. Vaqonlar dolusu Hacı Kamyabın səbzəsi, kişmişi Rusiyaya gedərdi. Hacı Kamyabın qapısı hər gələn üçün açıq idi. Hər il məhərrəm ayının birindən onunadək İmam ehsanı verərdi. Şəhərin hamı tüccarı, üləma və saldatı onun ehsanında cəm olurdular. Aşura günündən başlamış İmamın qırxınadək təkyə saxlardı. Təkyələrində çay və qəndab sel kimi axardı. Bununla belə, Hacı Kamyab qardaşı İbrahimin əlini tutmaz idi; deyərdi: “İkimiz də bir atanın, bir ananın uşaqlarıyıq. Atamız İkimizə də bərabər irs qoyub gedib. Mən çalışıb qazanan kimi o da qazansın”. Demək olmaz ki, Hacı Kamyab qardaşını yaxınına buraxmırdı. Xeyr, İbrahim və oğlu Fərman tez-tez onun evinə gedib-gəlirdilər. Hətta bir para işlərinə də gedərdilər, evində ehsan ya təkyə olanda İbrahimi də oğlu ilə bərabər çağırardı. Çağırmasaydı da yaramaz idi, çünki xalq eyib tutub deyərdi ki, hacı qardaşı və qardaş oğlunu bəyənməyib ziyafətlərinə çağırmır. Hacı Kamyabın Gövhərtac adında bir gözəl qızı var idi. Fərman və Gövhərtac İkisi bir yerdə böyümüşdülər və həmsinn idilər. Bu İki cavan uşaq da bir-birinə bir bacı-qardaş məhəbbəti yetirmişdilər. Bu məhəbbət onlar böyüdükcə təbəddülata uğrayıb, axırda başqa bir surət aldı. Belə ki, Fərman bir gün Gövhərtacı görməyəndə rahat ola bilmirdi. O səbəbdən Fərman hər gün səhərdən axşamadək əmisinin ağır işlərinə məşğul olurdu. Qutulara səbzə doldurmaq, torbalara kişmiş basmaq, arabaları, ulaqları yükləmək... Bu zəhmətlərin hamısını Fərman mükafatsız çəkirdi. Onun mükafatı gündə bir neçə dəfə Gövhərtacı görmək idi. Hacı Kamyab əhvalatı gözəlcəsinə anlamışdı. Ancaq bir şey büruzə verməyərək, Fərmanın zəhmətindən istifadə edirdi. – Müftə hambaldır, qoy işləsin. Onun xəyalından mənim qızımı almaq keçir. Qoy xəyal-plovdan nə qədər yeyəcək yesin. Mən qızımı ərə vermək istəsəm, özümə yaraşan bir şəxsə verərəm, nəinki acın birisinə. Çox da mənim qardaşım oğludur. Bir gün Hacı Kamyab qardaşı İbrahimi və Fərmanı çağırıb xəbər verdi: – Sabah Xudayar xan mənə qonaq gələcək. Gərək İkiniz də burada olub, onun özünə və atlarına qulluq edəsiniz. Ata və oğul “baş üstə” deyib getdilər. Xudayar xan ətrafın ən zəngin, ən güclü xanı hesab olunurdu. Beş min nəfər rəiyyət nə bağlarının məhsulunu, nə taxılını, nə qoyununun yununu xandan biizn heç yana çıxarda bilməz idi. Malını kimə və neçə qiymətə xan buyursa idi, elə də satardı. Yun, pambıq, xüşkəbər, buğda almaq istəyən tacir gərək qabaqcadan xanla görüşəydi. İkilikdə malın qiymətini qət edəndən sonra xan malın haman müəyyən olunmuş qiymətə satılmasına əmr verərdi. Söz yox ki, burada İki qiymət təyin olunurdu. Biri xanla tacirin, o birisi, rəiyyətlə tacirin aralarında. Xudayar xanın rəiyyətinin məhsulunu həmişə Hacı Kamyab alardı. O idi ki, belə qonağı layiqincə qəbul etmək lazım gəlirdi. * * * Sabahı günü Hacı Kamyabın özü və əmələsi sübhdən durub, əziz qonağın gəlməsinə hazırlaşırdılar. Hacı talvarda əyləşib əmr verirdi. Əmələ itaət edərək işləyirdi. Qulplu qazanlar həyətdə yan-yana söykənmişdi. Döşlüklü, başında araqçın, qol çırmaqlı məşhur aşpaz usta Rəsul qazanları su ilə doldurub, altından od vurub, qaynamasını gözləyirdi. Şagird yerdə əyləşib ət doğramağa, soğan doğramağa, məğzi-badam, badımcan, albuxara təmizləməyə məşğul idi. İbrahim qırx-əlli cücə başı kəsib bədənlərini pörşələyirdi; Fərman saatda bir bazara qaçıb, lazım olandan alıb qayıdırdı. Xülasə, Hacı Kamyabın qapısında camaat qarışqa kimi qaynamaqda idi. Su gətirən kim, odun yaran kim, qazan altına tez-tez odun atan kim, düyü yuyan kim... Hamıdan artıq ürək və həvəslə işləyən Fərman idi. Onun qəsdi, özünün çapuq və karkün olmasını həm əmisinə və həm tez-tez pəncərə qabağına gəlib, ona baxıb şirin gülən Gövhərtaca göstərmək idi. Fərman yəqin etmişdi ki, əmisi onu oğulluğa götürüb, Gövhərtacı da ona verəcək. Gövhərtac da bu fikirdə idi. Hacı Kamyabın da ki, ürəyindəkini ərz elədim. Günorta zamanı plov hazır olub dəmə vuruldu. Hacı Kamyab libaslarının ən faxirini geyib Xudayar xanın vüruduna hazırlaşdı. Hacı bir dəstə də şəhərin ən məşhur sazandalarından xanın naharında oxuyub çalmaq üçün hazırlamışdı. Böyük talvarda süfrə salınmışdı. Ənvai-şərbət, mürəbbə, halviyyat süfrənin üzərinə düzülmüşdü. Hacı Kamyab şəhərin əyan və tüccarlarından da iyirmi-otuz nəfər xanın naharında iştirak üçün dəvət etmişdi. Günorta namazından sonra qonaqlar yığılmağa başladılar. Bir azdan sonra şəhərin darvazasında qoyulmuş xüsusi adam yüyürərək özünü yetirib, xanın gəlməyinin xəbərini gətirdi. Hacı Kamyab darvazaya çıxıb xanın gəlməyinə müntəzir oldu. Az keçmədi ki, xan dalınca iyirmi beş nəfər müsəlləh və qoçaq atlı olaraq, varid oldu. Fərman qabaqca yüyürüb xanın atının başından və üzəngisindən yapışdı. Fərman artıq xanın xoşuna gəldi. Hacı Kamyabla əl tutub xəbər aldı: – Hacı, bu oğlan kimdir? – Qurban, bu mənim qardaşım oğludur. – Afərin! Yaxşı və qoçaq oğlana oxşayır. Çox xoşuma gəldi. – Nökərinizdir, qurban! Xanın atlıları da atlarından endilər. Xan bir neçə saniyə Fərmanın üzünə baxıb, hacı ilə bahəm içəri daxil oldu. Xanın adamlarından bir nəfəri əlində bir mürəssə mücrü xanın dalınca, həmçinin, içəri girdi. Mücrünü gördükdə Fərmanın bir qədər ürəyi düşdü. Xan talvara daxil olanda qonaqlar hamısı ehtiramla ayağa qalxdılar. Xan yuxarı başa keçib, bir yumşaq döşək üstündə qərar tutub əyləşdi. Qonaqlar qabaqca şirin çay verilib, dalınca əl suyu gəldi. Nahar başlandı. Böyük məcməyilərdə plov gətirilib, süfrəyə qoyuldu və xuruşlar birbəbir gətirilməkdə idi. Xalq yeyib-içməyə məşğul olub, sazandaların oxuyubçalmasından həzz aparırdılar. Məclislə əndərunun arasında dolanan Fərman idi. Tez-tez əndəruna girib, oradan qonaqlar üçün qəndab, qəhvə və qəlyan gətirirdi. Əndəruna daxil olub, Gövhərtacın üzünə baxanda ürəyindən bir dərin ah çəkirdi. Gövhərtac bu haləti ondan görüb, anasının yanında səbəbini soruşmağa cürət edə bilmirdi. Nahar axşam azanınadək uzandı. Axır qonaqlar bir-bir “xudahafiz” edib evlərinə getdilər. Xan o gecə Hacı Kamyabın evində yatıb, sübh getməli oldu. * * * Axşam xanla Hacı Kamyab birlikdə qalxıb, bir qədər alış-veriş və haqqhesab söhbətinə məşğul oldular. Axır xan dedi: – Hacı Kamyab, bizim aramızda budur, neçə müddətdir rəfaqət var. Bu neçə ildə sən mənimlə və mənim rəiyyətimlə əlaqədarsan. Cavahiratla zinətlənmiş. Sənin bizimlə gözəl rəftarın, rəiyyətə göstərdiyin insaniyyət hamının ürəyini sənə bənd edib. Bu gün buraya gəlməkdən mənim məqsədim səninlə buğda, pambıq hesabı çəkmək deyildi. Özgə bir məramla mən buraya gəlmişəm. Hacı hərçəndi xanın məqsədini mücrüdən duymuşdu, yenə diqqətlə qulaq asıb, “bəli, bəli” deyirdi. – Biz İndiyədək dost olmuşuq. Bundan sonra da gəl qardaş olaq. Mənim oğlum Gəray xan böyüyüb, evlənmək vaxtıdır. Sənin də evində bir qızın var. Gəl, sən mənim oğlumu özünə oğulluğa götür. Mən də sənin qızını qızlığa götürüm. Mən çox fikir edib gördüm ki, səndən savay heç bir kəslə mənim qohumluğum tutmayacaq. Ümid edirəm ki, sən də mənim xahişimi qəbul edib bu mücrünü mənim qızıma verərsən. Bu izdivac hər İki tərəfin əqidəsincə faydalı idi. Xudayar xanın, doğrudur, dövlətinin, malının hesabı yox idi. Hacı Kamyabın da vəfatından sonra, pulu, əmlakı xanın oğluna keçsə, daha da sərvəti və qüvvəti artar. Hacı Kamyab üçün də Xudayar xan kimi şəxslə qohum olmağın ticarətinə mənfəəti aydın idi. Hacı mücrünü qəbul edib dedi: – Xan, mən sizin kəmtərin nökərinizəm; qızım da kənizinizdir. Mənim sizin xahişinizdən boyun qaçırmağa ixtiyarım yoxdur. Xan “Allah mübarək eləsin” deyərək hacı ilə öpüşdü. Hacı mücrünü əndəruna aparıb, gülər üzlə arvadına verib dedi: – Arvad, həm bizim üçün, həm Gövhərtac üçün belə xoşbəxtlik yuxumuza da girməz idi. Xudayar xan kimi şəxsin qohumu olmaq bizim üçün böyük başı ucalıqdır. Mənim tay-tuşlarımdan heç biri belə səadətə nail olmayıblar. İndi cəmi şəhər bu əhvalatı danışacaq. Bazarda məni barmaqla göstərəcəklər. Böyük səadətdir! Çox böyük səadət! Arvad da sevinə-sevinə mücrünü alıb dedi: – Bəs sən bunu demirsən ki, mən Gəray xanın qayınanası oluram. O günü hamamda başıma su tökürəm, gördüm bir nəfər arvad yanımdakına deyir: – O başına su tökən kimdir? Ona deyin bir az kənara çəkilsin. Suyu üstümə sıçrayır. Yanındakı arvad ona deyəndə ki, bu Hacı Kamyabın arvadıdır, dedi: – Bah, bah! Böyük adamın arvadıdır! Baqqal İbrahimin qardaşı arvadı! Ona deyin kənara çəkilsin. – Sonra baxam görəm kim? Ac Kamran xanın arvadı. – O Kamran xan ki, mənə İki min tümən borcludur? İndi verməyə də pulu yoxdur. – Haman özüdür. Dəvədən yıxılıb “höt-hötünü” əldən qoymur. Bundan sonra, mən də bildiyimi elərəm. Mən ona özüm çimib çıxıncahamama girməyə izn verməyəcəyəm. Qoy desinlər: – Dayan, gözlə, Gəray xanın qayınanası içəridədir. Hacı dedi: – Çox gözəl. Bunlar sonranın işidir. Mən geyirəm xanı yola salam. Sən də qızını çağır, özün xəbər ver. Hacı Kamyab çıxandan sonra arvad qabaqca mücrünün qapağını açıb tamaşa elədi. Mücrü qiymətli cavahiratla dolu idi. Hacı Kamyabın evində də cavahirat az deyildi. Amma arvadının zənnincə bu mücrüdəki cavahirat hacının cəmi dövlətinə bərabər idi. Mücrünün özü də ziqiymət idi. Arvad Gövhərtacı çağırdı. – Qızım, bax gör, Xudayar xan sənə nə gözəl peşkəş gətiribdir. Bunu deyib mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Qız mat dayanıb, bir şey anlamayaraq anasının üzünə baxdı. – Niyə sevinmirsən, qızım? Sənə böyük bəxt açılıb. Bundan sonra cavahirat gölündə üzəcəksən. Tezliklə on min can rəiyyətin xanımı olacaqsan. Qız heç vaxt güman etməzdi ki, atası onu Fərmandan savay başqa adama versin. Anasından aldığı gərdənbəndi xan tərəfindən ancaq toypayı hesab edirdi. Anasının axırıncı sözləri onu ayıltdı. Qız bircə bunu dedi: – Yox... ana... can! Gözlərindən sel kimi yaş axdı... Anası qızına acıqlandı: – Çəkil get, dinməz otur yerində! Qız uşağısan, sənin üçün eyibdir. Atan gəlib səni bu halətdə görsə, bil ki, başını it qibləsinə kəsər. Get öz mənzilində otur. Qotur Fərman İndi Xudayar xanın oğluna tay olacaq? Get, bala, ağlını başına cəm elə və otur yerində. Adam tanrısına təpik atmaz. Qız gözü yaşlı getdi. Bizim yerlərin rəsminə sən bələdsən. Ata istəsə ki, qızını yoldan ötən avaranın birinə versin, gərək qız tabe olub danışmasın. Kişinin xahişinin müqabilində arvad səsini çıxarda bilməz. Gövhərtacın anası yəqin ki, qızının xoşbəxt olmasını istəyirdi. Ancaq nə ərinin qarşısında bir söz deyə bilərdi, nə də şəhərin sair arvadlarının qarşısında özünü çəkməkdən geri dura bilərdi. Ürəyində deyirdi: – Qızdır, bir-İki gün ağlar, sakit olar. Və sonra da süd gölündə üzəndə dünya yadından çıxar. Gövhərtac o günü axşamadək ağladı. Ondan sonra anasının yanında qız özünü şad, xürrəm göstərib, xəlvətə çəkiləndə göz yaşı axıdırdı. Bir-İki gündən sonra əhvalat cəmi şəhərə yayıldı. Tacirlər, əyan, haman bu süpürgəçəkən Mirzə Əhməd ağa Hacı Kamyabı təbrik etdilər. Hətta Mirzə Əhməd ağa bir ədəd ibrə şalından canamaz, bir “Cameüddəvat”, bir təsbihi-səddanə və bir möhür qız üçün ənam göndərdi. Şəhərdə ancaq İki nəfər qəmgin və başı aşağı gəzirdi. Biri İbrahim idi, o birisi də oğlu Fərman. Fərman evdə əyləşib dost-aşna arasına çıxmaqdan xəcalət çəkirdi. Axır bir gün atasına dedi: – Ata, doğrusu, mən bu namusu yeyə bilməyəcəyəm. Mən məgər Xudayar xanın oğlundan əskik oğlanam? Mənim namərd əmim onun nəyinə susadı? Dövlətinəmi? Məgər mənim əmimin dövləti azdır? Onun var-yox bircə qızı var. Insafı necə yol verir ki, mənim kimi, ona satın alma qul tək qulluq edən qardaşı oğlunu buraxıb, qızını xan oğluna verə? Və sonra özü də gedib, haman xan oğlunun qapısında əli bağlı durub, icazə verməyincə də içəri daxil olmağa cürət eləməyə. Mənim İndi heç bir yolum qalmayıb. Mən əmim qızının fəraqına davam eləyə bilməyəcəyəm. Gərək Gəray xanı da, əmimi də, özümü də öldürəm. Qoy mənə qismət olmayan, heç kəsə qismət olmasın. İbrahim oğluna nəsihət elədi: – Oğul, belə fikirləri ürəyindən çıxart. Öləcəyəm, öldürəcəyəm nədir? Əmin bizim tək kasıblarla yaxınlaşmaq istəmir. Özü dövlətlidir, dövlətli yerə də yıxılır. Sən özün də gözəl, qoçaq, cavanlar arasında sayılan oğlansan. Hansı dövlətlinin qızını istəsən sənə verər. Əmin, qızını vermədi nə olar? Çıraq dibinə işıq salmaz. – Ata, mənə dövlət lazım deyil. Əmim dövlətini kimə verəcək, versin. Mən çörək qazanmaqda aciz deyiləm. Kəsilsin iki əl ki, bir başı saxlaya bilməyə. Mənə ancaq öz istəklim lazımdır. Mən yoldaş arasına çıxa bilməyirəm. Mənim heç bir başqa yolum yoxdur. Dini, mövhumi qayda-qanundan danışan kitab. * * * Hacı Kamyaba arvadı, Gövhərtacın naxoş olmasını xəbər verdi. Hacı bərk təşvişə düşüb qızının otağına getdi. Qız yorğan-döşəkdə uzanmışdı. Hacı, qızının rəngini qaçmış görüb xəbər aldı: – Qızım, sənə nə olubdur? Niyə yatıbsan? – Bir şey yoxdur, ata, deyəsən soyuq dəyibdir. Bir az başım ağrıyır. Heç zad olmaz, bir az tərlərəm, qurtarar. Hacı gəldi arvadının yanına. – Qız naxoşdur, naxoşluğunun da səbəbini bilirəm. Bizim İbrahimin avara oğlunun fikri düşüb başına. Mən onun yanında bu söhbətləri eləməyəcəyəm. Ona sən nəsihət elə. Xudayar xan hara, baqqal İbharim hara? Gəray xan hara, Fərman hara? Ancaq mən onun naxoşluğunun şiddət etməyindən qorxuram. Yaxşı olar ki, həkimbaşı Mirzə Mehdiyə adam göndərəm, gəlsin, bir baxsın. Ancaq qızın toyunu da uzatmaq lazım deyil. Əndərundan çıxıb, nökərlərdən birini Mirzə Mehdi üçün göndərdi. Mirzə Mehdi gəlib qızın nəbzini əlinə alıb, sonra barmağını alnına qoyub, bir qədər fikrə gedəndən sonra dedi: – Qızın mərəzi anlaşılmaz bir mərəzdir. Mən qırx beş ildir ki, təbiblik edirəm, belə bir mərəzə rast gəlməmişəm. Lazımdır, bir üç gün keçsin. Üç gündən sonra mən yenə gələrəm. Onadək xəstənin mərəzi anlaşılan bir tərzə keçər. Həkimbaşı getdi. O, doğrudur, hacıya qızının mərəzinin nə olduğunu bilmədiyini söylədisə də, bainhəmə mərəzin nə olduğunu gözəlcəsinə anlamışdı. Ancaq məhəbbət mərəzinə bir dərman tapmaqdan aciz idi. Həkimbaşı gedəndən sonra Hacı Kamyab bir adam göndərib qardaşı İbrahimi yanına çağırdı. İbrahim haman saat durub, dükanını bağlayıb gəldi. Hacı Kamyab İbrahimi otağına apardı. – Əyləş, qardaş, – dedi. İndiyədək qardaşından bu mehribançılığı görməmiş İbrahim, vəziyyətə çox təəccüb edib, qardaşının yanında dizi üstündə əyləşdi. Hacı Kamyab dedi: – İbrahim, mən səni bir işdən ötrü çağırmışam. Sənin oğlun Fərman qoçaq bir oğlandır. Onun bikar və avara gəzməyi, doğrusu, mənə toxunur. Nə qədər olsa, ona Hacı Kamyabın qardaşı oğlu deyirlər. Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. Bu min tüməni də mənim tərəfimdən ona yetir. Degilən, əlində maya qayırsın. Əgər işində tərəqqi görsəm, ona yenə maya buraxaram. Mən onun düşməni deyiləm. Həmişə onun yaxşı olmağını istəyirəm. Ancaq onun tay-tuşunu, boş gəzməyini görəndə ondan inciyirəm. Degilən ağlını başına cəm edib, kasıblığa məşğul olsun. Mənim də əlim həmişə onun üstündə olar. Daha deməsinlər ki, Hacı Kamyabın qardaşı oğlu avara gəzir. Belə pulları cibində görməmiş İbrahim sevinə-sevinə evə gəlib oğlunu çağırdı. – Bala, bu pulu, sənə əmin Hacı Kamyab göndərib. Bikar oturmaqdan fayda yoxdur. Özün üçün bir ticarət düzəlt. Həm əlin işdə olsun, bikar gəzməyəsən, həm ticarətlə məşğul olasan. Bir para fikirləri başından çıxar. Əmin deyir bundan sonra ona artıqlığınca maya verəcəyəm. Ancaq bikar gəzməsin. Fərman pulu alıb bir qədər əlində dolandırdı. Sonra dedi: – Ata, əmimin birdən-birə belə səxavət üstünə gəlməyinə səbəb nə olubdu? Bəs İndiyədək niyə bu pullardan verməyirdi? Yoxsa məni gözü İndi gördü? Ya yoxsa belə ənamlarla mənim ağzımı yummaq istəyir? Al pulları, apar ver Hacı Kamyaba, degilən dövlətini azaltmasın, yaxşı olmaz! Fərman bu sözləri ilə pulu atasının qabağına qoydu. İbrahim yenə başladı nəsihəti: – Ay bala, özün işimizin hər üzünü görürsən. Mənim bir balaca baqqal dükanım var ki, kökündən satsan, bu pulun üçdən biri ələ gəlməz. Min tümən elə bir sənin kimi igidin mayasıdır. Əlində dolandır. Bu şəhərdən mal al, o şəhərə apar. Oradan al, buraya gətir. Güzəranımızın necə çətinliklə keçməsini özün görürsən. İbrahimin nəsihəti oğluna əsla təsir etmədi. Oğlu dedi: – Ata, mən sənə söz verirəm ki, sabahdan işləyib çalışmağa başlayacağam. Rəhman tacir, neçə vaxtdır, mənim dalımca gəzir, məni özünə amilliyə çağırır; deyir, bir-İki il mənə məvaciblə qulluq elə, sonra səni özümə şərik elərəm. Əmimin sədəqəsinə möhtac olunca gedib Hacı Rəhmana qulluq elərəm. Hacı Kamyabın pulunu sabah aparıb özünə verərsən. İbrahim, oğlunun inadını görüb daha bir söz demədi. Bir dərin ah çəkib pulları qoydu cibinə. * * * Azandan bir saat keçmişdi. İbrahimin qapısı döyüldü. Fərman qapını açıb, öz yaxın yoldaşlarından dörd nəfəri görüb çox şad oldu. – Buyurun, buyurun, içəri gəlin. Yoldaşlar otağa daxil olub, bir-bir Fərmana sual verməyə başladılar: – Ay balam, bu neçə gündü harada qalıbsan? Heç görünmürsən. Fikir elədik ki, sənə bir naxoşluq üz verib. Şükür Allaha ki, sağ-salamatsan. Fərman yoldaşlarının gəlməklərindən çox məmnun olduğunu izhar etdikdən sonra dərdini söyləməyə başladı: – Bilirsiniz, həmişə şax gəzmiş bir adamam, indi məni əmim götürüb belə yerə çırpıbdır ki, xəcalətimdən insan arasına çıxa bilməyirəm. Mən heç vədə güman etməz idim ki, o məni qoyub qızını başqa bir adama verə. Xudayar xan dövlətlidir. Məgər əmimin dövləti ondan azdır? Əgər əmim dövlətinin Xudayar xanın oğluna qalmasını istəyirsə, aparsın versin ona. Amma mənim istəklimi əlimdən almasın. İndi nə mənim mümkünüm var ki, gedəm əmimlə danışam, nə də mənim atamda bu cürət var. Odur ki, gecələr yata bilmirəm. Yediyim çörək boğazımdan getmir. Məgər kasıb adamın ürəyində məhəbbət olmaz? Yoldaşları ona təskinlik verməyə başladılar: – Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Əmin, qızını sənə verməyib, Xudayar xanın oğluna verib, cəhənnəmə versin, gora versin. Biz də dedik ki, görəsən nə vaqe olub. Belə fikirləri başından boşla getsin. Şəhərdə sənin əmiyin qızından gözəl qızlar az deyil. Yoldaşlarından birisi təskinlik verənin sözünü kəsdi: – Qardaş, – dedi, – bu bir danışıq deyil ki, sən eləyirsən. Biz hamımız adımızı igid qoymuşuq. Əgər hər işi çətinə düşən yoldaşımızı belə boş nəsihətlərlə sakit edəcəyiksə, afərin olsun bizə! Yoldaşımız çətinə düşüb, kömək lazımdır. Biz onu öz istəklisinə yetirməsək, gərək papaqlarımızı itə verək. – Axır, burada nə eləmək olar? – Hər şey! Gedək, köməkli Hacı Kamyabın qızını götürək qaçaq. – Hacı Kamyab kimi kişinin qızını götürüb qaçmaqmı olar? – Hacı Kamyab kimi kişinin atasına da od vurmaq olar. Ancaq qızın razılığı olsun. Buna da şəkk yoxdur. Pusqu qoyarıq. Qız hamama gedən vaxt yoldan ağzını başqa yerə döndərərik. Ancaq bir növ qızı pişəzvaxt xəbərdar eləmək lazımdır. – İndi çətinlik burasındadır ki, kənardan bir şəxsin Hacı Kamyabın əndərununa yolu yoxdur. Bu yerdə Fərman guya yuxudan ayıldı. – Mən yol taparam, qızı xəbərdar elərəm. – İndi ki elərsən, çox gözəl! Fərman yenə dedi: – Mənim adamım var, ancaq qızı kimin evinə aparmalı? Çünki şəhər əhlindən bir nəfər cürət edib Hacı Kamyabın qızını evində gizlətməz. – Qızı birbaşa apararıq Hacı Mirzə Əhməd ağanın evinə. Göydən göy İmam enə, onun evindən qızı çıxarda bilməz və Hacı Kamyab da onun xahişlərinin qarşısında bir söz danışmağa cürət etməz. Yoldaşlar hamısı bu tədbiri xoşladılar. – Vaxta ki, Fərman qızı xəbərdar etməyə qadirdir, bizim sözümüz yoxdur. Yoldaşlar bir qədər də kənar söhbətlər edib çay içib dağıldılar. Bunlar gedəndən sonra, fərman atasının otağına keçdi. – Ata, bayaq sənə verdiyim min tüməni bura ver. – Ay oğul, nə olub, yoxsa yoldaşların sənə nəsihət elədilər. Ağlın başına gəldi? – Elə bir iş var. İbrahim qalxıb, pulu gətirib oğluna verdi. Fərman pulu alıb otağına getdi. * * * Sübh həkimbaşı Mirzə Mehdi evində əyləşib xəstələri qəbul edirdi. Içəri daxil olan Fərmanı görəndə təəccüb elədi. Fərman salamat, qüvvəli bir oğlan sayılırdı. Sifətində də heç mərəz nişanəsi görünmürdü. Həkimbaşı ona yanında yer göstərdi. – Gəl, gəl! Nə əcəb sən də mərizlər cümləsinə daxil olubsan? Gəl əyləş, görüm dərdin nədir? Fərman ədəblə əyləşib dedi: – Həkimbaşı, mənim dərdim böyük dərddir. Siz özünüz gərək dinməmiş biləsiniz. Sizə məlumdur ki, uşaqlıqdan əmim Hacı Kamyabın evində onun qızı Gövhərtacla bir yerdə böyümüşəm. Uşaqlıqdan biribirimizə yoldaşlıq məhəbbəti yetirmişik. Bu məhəbbət axırda özünün təbii yoluna düşdü. Biz bir-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genitdi. Bu da təbii idi. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi birbirimizdən ayırmayacaq. Və cəmi qohum-əqrəbanın da yəqini bunda idi. Hamı deyirdi: “Hacı Kamyabın dövlətinin həddi-hesabı yoxdur. Əlbəttə, o heç vaxt istəməz ki, bu dövlət kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını öz qardaşı oğluna verəcək: dövlət də yad adama qalmayacaqdır”. İndi Xudayar xana söz verib, hətta ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da o gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgər inki eşq. – Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir? – Həkimbaşı, bu yerdə siz mənə kömək verə biləcəksiniz. – Mən nə kömək verə bilərəm? – Siz Gövhərtacı müalicə edirsiniz. Hər gün onunla görüşürsünüz. Mənim bircə sifarişimi ona yetirin. – Nə sifariş? Degilən, yetirərəm. – Allah sizdən razı olsun, həkimbaşı. Mən qət eləmişəm ki, bir neçə yoldaşlarımın köməyi ilə onu gecə aparım. Siz ona ancaq deyəsiniz ki, azandan bir saat keçmiş əndərunun qapısına çıxsın. Həkimbaşı bu təklifdən bərk hiddətləndi: – Bu nə növ təklifdir ki, mənə eləyirsən? Sən bu təklifin qəbahətini anlayırsanmı? Mənim boynuma atdığın vəzifəni düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir; amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və sənin əmin Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək get. Gör bir küpəgirən qarı tapa bilərsənmi; belə sifarişləri onunla göndərəsən. Fərman başladı yalvarmağa: – Həkimbaşı, siz görürsünüz ki, mən cavanam. Bu saat başıma hava vurub, danışdığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərəzlərə dərman edirsiniz. Vaxta ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü siz necə qəbul etməyirsiniz? Mənə rəhm edin, həkimbaşı. Bu xırdaca töhfəni də məndən qəbul edin. Fərman bu sözü ilə atasından aldığı min tüməni də həkimbaşının qabağına qoydu. Həkimbaşı pulları görəndə gözləri məşəldar pişiyin gözləri kimi bərq verdi. – Oğul, bu pul nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki, bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır. – Yox, həkimbaşı, təvəqqe edirəm, qəbul edəsiniz. Bu xırdaca töhfə mənim mərəzimi müalicə etməyinizin həqqi-zəhməti olsun. Həkimbaşı sifarişi Gövhərtaca yetirməyi qəbul etdi və söz yox ki, “xırdaca töhfəni”də cibinə ötürdü. * * * Həkimbaşı Gövhərtacla görüşüb əndərundan çıxdı və qapıda Hacı Kamyaba rast gəldi. – Həkimbaşı, qızın mərəzini tapa bildinizmi? – Gözəlcəsinə tapdım. Bu gün, olsun ki, ayağa duracaq. Həkimbaşı gedəndən sonra hacı içəri daxil olub qızında başqa halət gördü. Qız durub libasını geyinib, şad və gülər üzlə əyləşmişdi. Atasını görən tək durub qabağına yeridi. – Sabahın xeyir olsun, ata! Həkimbaşı bu gün mənə bir gözəl dərman verdi. Içən tək cəmi mərəzlərim rəf oldu. İndi daha heç bir ağrıyan yerim yoxdur. Özüm də bilmərrə salamatam. Hacı Kamyab sevinmiş gedib arvadına xəbər verdi. Arvad da o saat durub qızının yanına yüyürdü. Qızını sağ və salamat görüb dedi: – Yox, bu dərman işi deyil. Dünən mən gedib İmamzadada şam yandırdım. İmamzada mənim qızıma kömək elədi. Bu, möcüzədir. Dərman bir gündə mərəzi sağaltmaz. Qız gülərək anasının sözünü təsdiq etdi. Bir qədər bizim məmləkətimizin İmamzadalarından sizə söyləyim, eyib eləməz. Sonra mətləbə keçərik. – Buyurun, odabaşı. – Bizim məmləkətdə bir kənd və bir şəhər tapa bilməzsiniz ki, orada bir neçə İmamzada olmasın. Bir balaca, on min əhalidən ibarət olan şəhərdə on altı İmamzada var. Hansı bir şəhərə gedib xəbər alsanız ki, İmamzada haradadır, fövrən bir İmamzada yox, neçəsini göstərəcəklər. Siz bilirsiniz ki, bizim məmləkətin əhalisi qədim zaman atəşpərəst idi. Bu səbəbdən də hər şəhərdə və kənddə bir və ya bir neçə atəşgədə var idi. Xalq islamı qılınc zoruna qəbul edəndən sonra da öz ata-baba dinindən əl çəkmək istəməyib və atəşgədələri əldə saxlamaq üçün hər brinə bir İmamzada adı qoyublar. Qədim dinin asarı İndi də durur. Məsələn, indi də eşidə bilərsiniz: “O görükən Aya and olsun”; ya “bu çırağa and olsun”; ya “bu yanan ocağa and olsun”; ya “o günə and olsun” və i.a. Hətta camaat keçmiş atəşpərəstlik ayinini İndi də Məşhəddə İmam Rzanın başının üstündə icra edir. Qədim zaman gün çıxanda onu şeypur, təbil və sinclə istiqbal edirdilər. Həmçinin gün batanda da onu habelə müşayiət edirdilər. Halhazırda bu oyun İmam Rza məscidinin minarəsində çıxır. Hər gün minarənin başında sinc, təbil və şeypurla günü istiqbal və müşayiət edirlər. Bir qədər şəhərlərimizdən söyləyim: Bizim vətənin şəhərinə yaxınlaşanda böyük bir hasar və darvaza görəcəksiniz. Darvazalar gecələr bağlanır və sübhdən axşamadək açıqdır. Şəhərə daxil olanda qabaqca bir böyük meydan görəcəksiniz ki, ona ərk deyirlər. Bu meydana neçə ədəd şah Təhmasibdən qalmış toplar qoyublar və topların içində göyərçinlər yuva tİkiblər. Şəhərin ortasında bir meydança görəcəksiniz ki, adına “Səbzi meydan” deyirlər. Bunu güldən, çiçəkdən və ağacdan da görmək olur. Bu meydan əhalinin səyahət yeridir. Şəhərlərin küçələri İki cərgə quru divardan ibarətdir. Nə bir pəncərə, nə bir balkon küçəyə baxmaz. Əgər bunlar evlərin birində tapılsa, yəqin bilərsiniz ki, xarici evidir. Divarlarda xırdaca dəriçələr var. Hər qapıdan bir çəkic asılıb. Çəkiclə dəqqülbab edirsən. Elə ki qapı açıldı, daxıl olursunuz bir dəhlizə. Dəhlizin bir qapısı sağa və o birisi soladır. Kişilər qapıların birindən “birun”a keçir, qadınları o biri qapıdan “əndərun”a buraxırlar. Əndəruna ya biruna daxil olanda hər tərəfdə bir behişt görürsünüz. Burada hər bir sahibxana öz səliqəsini göstərir. Fəvvarələr, hovuzlar, dünyanın hər bir yerindən toxumu, ya ağacı gətirilmiş güllər, qəfəslərdə cürbəcür oxuyan quşlar, ağacların arasında tovuzlar rəngarəng qanadlarını açmış gəzinməkdədir. Xülasə, belə bir bağçaya girən daha bir də oradan çıxmaq istəməz. Əndərun bağçasında qadınlar və birunda kişilər rahat, asudə gəzib vaxt keçirirlər. Qadınlar yəqin bilirlər ki, bir nəfər naməhrəm nə onların üzlərini görə bilər və nə səslərini eşidər. Odur ki, orada hər növ libas geymək, hətta libassız da gəzmək caizdir. Çox vaxt qadınlar libaslarını çıxardıb hovuzda çimirlər. Ev sahiblərindən savay bir nəfərin əndəruna girməyə ixtiyarı yoxdur. Belə bir ev də Hacı Kamyabın var idi. Onun bağçasının tərifi dillərdə söylənirdi. Hətta Xudayar xan kimi şəxs də onun bağçasına bənd olmuşdu. Axşam Gövhərtac əndərun bağçasına səyahətə çıxdı. Gündüzdən anasından bir qədər cavahirat da alıb özünə zinət vurmuşdu. Bağçada ürəyi döyünərək dolanıb vəd olunmuş saatı gözləyirdi. Ata və anası onun salamatlığa çıxıb bağçada gəzməyindən daha şad olub, heç bir bəd güman etməyirdilər. Müəyyən vaxtda küçə qapısı üç dəfə vuruldu. Nökər gəlincə Gövhərtac özünü dəhlizə atıb qapını açdı. Əmioğlusu yoldaşları ilə bahəm durmuşdular. Əlini Fərmanın əlinə verib cəld getdi. Yatmaq vaxtı yaxınlaşanda, Hacı Kamyabın arvadı, qızını yatmağa çağırmaq üçün bağçaya çıxdı. – Ay qız, Gövhərtac, yatmaq vaxtıdır, yorğan-döşəkdən təzəcə durubsan, soyuq dəyər. Anası hərçi səslədi, Gövhərtacdan cavab gəlmədi. Bağçanı başdanbaşa gəzib qızını tapmadı. Müztərib halətdə qayıdıb qızının itməyinin xəbərini ərinə yetirdi. Hacı Kamyab namazını qurtarıb yatmaq istəyirdi. Xəbəri eşidən kimi nökərlərin hamısını ayağa qalxızdı. Qızın Fərmanla qaçdığını yəqin edib, birbaş qardaşı İbrahimin evinə getdi. İbrahim qapının döyülməsini eşidib, soyuncaq gedib açıb, Hacı Kamyabı görəndə təəccüb etdi. – Qardaş, bu gecə vaxtı xeyirdirmi? Sən ki, gündüz də mənim evimə gəlməzsən. İndi nə vaqe olubdur? – De görüm oğlun Fərman haradadır? – Fərman azan vaxtı yoldaşları ilə getdi. Qapı döyüləndə də mən güman etdim ki, gələn odur. – Hara getdiyindən sənə bir söz demədimi? – Xeyr. Mən onun hara gedib-gəldiyini soruşmaram. Öz kefinə bir adamdır. Haraya kefi istəsə gedir. – Mənim qızım da evdən qaçıb. Yəqin Fərman harada isə qızım da oradadır. Məlun bihəya, binamus! Mən onu döşümə çəkib, əlinə maya verib adam eləmək istəyirəm, amma o məni rusvayi-cahan eləyir. Mən Xudayar xana nə cavab verim? Xudayar xan aləmi tar-mar edəcək. Hacı Kamyab söylənərək getdi. O gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Sabahı günü şəhərin hər yerinə, həmçinin, ətraf kəndlərə adam saldırıb qızının, ya Fərmanın yerini öyrənib xəbər gətirənə beş min tümən ənam vəd elədi. Bu xəbəri eşidib, şəhərin tamam bikarları, avaraları casus donuna girib, itənləri axtarmağa məşğul oldular. Neçə gün ciddi axtarış getdisə də bir səmərə hasil olmadı. * * * Axşam Hacı Mirzə Əhməd ağanın evində neçə nəfər əyan əyləşib ağa ilə söhbət edirdilər. Pişxidmət daxil olub işarə ilə ağanı çağırdı. Ağa çıxdı: – Nə var, nə xəbərdir? – Bir xəbər yoxdur, bir nəfər oğlan bir qızla sizin himayənizə qaçıblar. – Qızı göndər əndəruna, oğlana mənzil ver əyləşsin. Qonaqlar gedəndən sonra tədbir elərəm. Pişxidmət “bə çeşm” deyib getdi. Ağa da qayıtdı qonaqların yanına. Hacı Mirzə Əhməd ağanın evi “bəst” hesab olunurdu. Hər bir cani, qantökən, yolkəsən ki, divan əlindən qaçıb onun evinə girməyi özünə mümkün elərdi, daha hər bir divan siyasətindən özünü eymən hesab edərdi. Bir polis nəfərinin, bir xanın, bir hakimin Hacı Mirzə Əhməd ağanın evindən adam çıxartmağa hünəri yox idi. Bəstə ki girdi, qurtardı. Hacı Mirzə Əhməd ağanın xanımanı qədim zamandan müqəddəs bir məkan hesab olunurdu. Hacının atası və babası həmçinin, nüfuz sahibi müctəhidlərdən olublar... Cəmi əhali Hacı Mirzə Əhməd ağanı müqəddəs hesab edirdi. Hətta belə danışırdılar ki, guya ağa çətin məsələlərin həlli üçün gecə yarısı bir xəlvət otağa çəkilib, orada peyğəmbərlə söhbət edib fitva alır. Ağanın xüsusi məvacibxor agentləri hər yeri dolanıb, belə xəbərləri buraxırdılar və avam xalq da bu agentlərin sözlərinə bavər edirdilər. Siz yəqin soruşacaqsınız ki, ağa bir belə pulu haradan alırdı ki, məcaviblə agentlər də saxlayırdı. Ağa heç kəsdən bir qran pul almaz idi. Onun özünün dövlətinin, sərvətinin, əmlakının nə həddi var idi, nə hesabı. Neçə yüz kənd ağanın əmrinə tabe idi. Şəhərdən on-on beş fərsəng kənara sağ-sol göz işlədikcə ağanın əmlakı idi. Ilxılarının, qoyun və qaramal sürülərinin hesabını bilən yox idi. Ağanın pambıq, ərzaq və xüşkəbar karvanının başı, ayağı məlum olmayırdı. Ağaya bərabər heç bir xan, heç bir mülkədar ola bilməz idi. Xudayar xan kimi dövlətli xanlar ağanın müqabilində heç hesab olunurdular. İndi bir belə əmlak və sərvəti ağanın haradan aldığını ərz eləyim. Bağışlayın, başağrısı olur, əmlakın bir hissəsi babalarından irs qalıbdır, qalanını ağa özü ələ gətiribdir. Ancaq nə özü, nə babaları bu əmlaka bir quruş verməyiblər. Əmlakın bir parası “rəddi-məzalim” üçün ağanın ixtiyarına verilibdir. “Rəddi-məzalim”, yəni məzlumlara paylamaq. Bir nəfər sərvətdar vəfat edəndə görürsən, ruhunun rahatlığı üçün vəsiyyət edir ki, onun pulunu və əmlakının mədaxilini rəddi-məzalim etsinlər. Bu da gərək şəriət təriqi ilə ola. Odur ki, onun icrasını hər adama tapşırmaq olmaz. Tapşırırdılar ağa cənablarına. Ağa da mədaxili alıb cibişdani-şərifinə ötürürdü. Rəddi-məzalim şərtləri də bu yolda ona kömək verirdi; çünki şərən rəddiməzalimə təyin olunmuş malı əhli-suala vermək olmaz və paylanması da gərək xəlvət və camaat gözündən uzaq yerdə olsun. Camaatdan da bir nəfər cürət edib deyə bilməz idi ki, ağa bu yerdə xəyanət edibdir. Əlavə bir neçə il bundan əqdəm ağanın müridlərindən birisi ona yüz min tümən pul və qızını töhfə göndərmişdi. Ağanın əlindəki əmlakdan ildə azından beş yüz min tümən mədaxil gəlirdi. Cümə axşamları ağanın xəzinəsindən füqəraya pul paylanırdı. Neçə fəqir gəlsə, hər birinə yarım qran pul verilirdi. Belə ki, ağa, hər həftə füqəraya beşon tümən pul paylayırdı. Əlavə on gün məhərrəm ayında füqəraya çox qəhvə verib, mərsiyə oxudardı. Bu, ağanın camaata xərci idi. Amma əyan və tüccar tez-tez ağanın məclisinə müşərrəf olub müəttər plov yeyirdilər. Və ağanın ruhani söhbətlərindən feyzyab olurdular. Tüccardan və əyandan da hər şəxsin ağanın evinə yolu yox idi. Namaz qılmayanları, oruc tutmayanları, xüms, zəkat verməyənləri ağa qapısından içəri qoymaz idi. Camaatın, xüsusən sərvətdarların xümsü, zəkatı və fitrəsi ağanın mübarək əli ilə paylanardı. Bir nəfər firəng səyyahı bizim vətəni səyahət edərək, ağa olan şəhərə gəlib ağanı görmək istədi. Ağaya xəbər verəndə buyurdu ki, zəhmət çəkib gələ bilər. Onunla görüşmək, Firəngistanın əhvalatından və vəziyyətindən bir qədər xəbərdar olmaq eyb etməz. Ağa onun gəlməyi üçün bir vaxt təyin etdi. Haman firəng səyyahı nağıl edərdi: – Müəyyən vaxtda arvadımla bahəm yetişdik ağanın qulluğuna. Bizi neçə otaqdan keçirib, bir salonda əyləşdirdilər. Salon Avropa qaydası sandalyalar və masalarla müzəyyən idi. Salonun o biri qapısı açılıb, oradan bir nəfər ağ ipək libas geyinmiş gözəl bir kişi daxil oldu. Bu, ağa idi. Mən və arvadım ayağa qalxıb ona təzim etdik. Ağa mənim yanımca gəlmiş mütərcim vasitəsi ilə arvadıma dedi: – Gərək ki, sizin Firəngistanda qadınlar kişilərin ayaqlarına qalxmazlar. Öz adətinizlə rəftar edin. Zəhmət çəkməyin. Ağa əyləşib bir neçə dəqiqə bizimlə söhbət edəndən sonra buyurdu qəhvə gətirsinlər. Pişxidmət, əlində qəhvə, daxil oldu və qəhvədən əlavə Firəngistanın ən gözəl likörlərindən neçə növünü masanın üstünə qoydu. Ağa təklif etdi: – Buyurun. Mən sizin üzünüzdə heyrət əlaməti görürəm. Amma heyrət yeri yoxdur. Mənim yanıma əcnəbi yerlərdən gələnlər az olmayırlar. Və mən də onları öz qaydaları ilə qəbul etməyi vacib bilirəm. Ağa özü də bizimlə bahəm qəhvə içdi. Amma içkilərə əl vurmadı. Firəng səyyahı belə danışırdı. Amma bir para dili dinc durmayanlar başqa şeylər söyləyirdilər. Xülasə, keçək mətləbə: Qonaqlar gedəndən sonra ağa pişxidməti çağırdı. – O qız qaçıran oğlanı mənim yanıma gətir. Fərman içəri daxil olub, ağaya kəmal-ehtiramla təzim etdi. – Oğlan, sən kimsən? – Ağa, mən baqqal İbrahimin oğluyam. – Hacı Kamyabın qardaşı? Deməli, sən Hacı Kəmyabın qardaşı oğlusan! Çox gözəl, Hacı Kamyab yaxşı kişidir... mömin, dindar... Gətirdiyin qız haradandır? – Ağa, gətirdiyim, əmim qızı, Hacı Kamyabın qızıdır. Biz uşaqlıqdan bir yerdə böyüyüb, axırda bir-birimizə məhəbbət yetirdik. Bu günlərdə əmim onun Xudayar xanın oğluna verilməsinə razı olub. Xudayar xandan nişan qəbul etdi. Qız və mən sözləşib sizin pənahınıza gəlmişik; ya bizi bir-birimizə yetirin, ya əmr edin İkimizi də sizing qapınızda qurban kəssinlər. – Yox, oğul, belə danışma. Vaxta ki, sən bu qapıya pənah gətirmişsən, məramına çatacaqsan. Deyirlər: əmi oğlu ilə əmi qızının kəbini göydə kəsilib. Get yenə öz mənzilində rahat ol. Mən Hacı Kamyabı da, Xudayar xanı da sakit elərəm. Mənim xahişimin müqabilində onlar söz danışmağa cürət etməzlər. Fərman şad, xürrəm mənzilinə qayıtdı. * * * Fərman gedəndən sonra Hacı Mirzə Əhməd ağa otağında bir qədər o başbu başa gedib, Fərmanın və Gövhərtacın gələcək xoşbəxt günlərini gözünün qabağından keçirirdi və xəyalında deyirdi: “İki sevgilinin bir-birinə yetişməklərinə səbəb olmaq böyük savabdır. Qoy dünyada istirahətlə ömür sürüb, mənə duagu olsunlar”. Bu yerdə qəflətən ağanın başına bir şeytan fikri gəldi: “Yox, belə deyil! Fürsəti fövt eləyən aqil deyil, divanədir. Belə fürsət heç vaxt ələ düşməz. Qələt eləyir Fərman, başını daşa döyür Xudayar xan! Qızın nikahını özümə oxuyacağam. Hacı Kamyabın sərvətindən keçməkmi olar?”. Səhər ağa adam göndərib Hacı Kamyabı hüzuruna istədi. Hacı Kamyab haman saat gəlib ağanın qulluğuna daxil olub salam verdi. – Əleykəssalam, hacı, buyur əyləş. – Qulluğunuzda ayaq üstündə də dura bilərəm, ağa. Hacı Kamyab ədəblə dizi üstündə əyləşdi. – Hacı, deyirlər sənin üçün bir hadisə üz veribdir, nə olan işdir? – Bəli, qurbanın olum, düzdür. Nəinki hadisə, bir bədbəxtlik üz veribdir. Mənim bir bivec qardaşım və qardaşımın da bir avara oğlu var. Mənim də, özünüzə məlumdur ki, bir parça sizin duanızın bərəkətindən çörəyim var. Heç kəs çörəyinin dağılmasını istəməz. Mənim həmişə fikrim bu idi ki, qardaşım oğlunu döşümə çəkim və bircə nəfər, sizdən eyb olmasın, qızımı da ona verim. Hərçi səy elədim, qardaşım oğlunu avara yoldaşlarından və bisərüpa gəzməyindən çəkİndirə bilmədim. Axır labüd qalıb qızı Xudayar xanın oğluna namzəd elədim. İndi o bihəya qardaşım oğlu qızla nə vasitə ilə sözləşib bilmirəm, bir axşam onu götürüb gedibdir. Neçə gündür ki, axtarmamış yer qoymamışam. Qızla Fərman bir daş olub bir kor quyuya düşüblər. Ağa gülümsündü: – Dediyin “kor quyu” mənim evimdir, həqiqət buraya düşən çıxmaz. Sənin qızın və Fərman buradadırlar. Səni buraya dəvət etməkdən qərəzim budur: qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? – Ağa, siz mənim qızımın başını kəsməyə sahibi-ixtiyarsınız. Amma mən onu o bihəyaya verməyəcəyəm. Əlavə, mən Xudayar xana söz vermişəm. Ondan nişan qəbul etmişəm. – Bəs belə olan surətdə sən mənim bir təklifimi qəbul et! Deyirlər “xeyrül-ümuri övsətüha”. Sən, qızın mənim özümə mənkuhə olmasına riza ver, buna sözün nədir? Xudayar xanın cavabını mən rədd edərəm. Bu təklifi gözləməyən Hacı Kamyab fövrən cavab verə bilməyib dayandı. Bir az fikir edib xəyalında dedi: “Ağanın təklifini rədd etmək axmaqlıqdır. Mənim üçün nə təfavüt edər. Mənim ticarətim Hacı Mirzə Əhməd ağadan artıqraq mənfəət aparar. Mirzə Əhməd ağanın əmlakı Xudayar xanın təkəllüfündən çox, sərvəti artıq, xanın pambıq və ərzağını icarəyə götürüncə ağanınkını götürərəm. Əlavə, Hacı Mirzə Əhməd ağa müctəhidin qayınatası olmaq böyük şərafətdir. Hər adama müyəssər olası rütbə deyil”. Sonra üzünü ağaya tərəf çöndərib dedi: – Ağa, mən bayaq sizə ərz etdim ki, mənim qızımın başını da kəsməyə ixtiyarınız var. Necə məsləhət bilirsiniz elə də edin. Mənim sözüm yoxdur. – Çox gözəl, çox mübarək! Görürəm yornuqsan. Get dincəl, sonra nikah cari etməli zaman sənə xəbər verərəm. Hacı Kamyab təzim edib çıxdı. Evinə gəlib gözləri yolda qalmış arvadına dedi: – Arvad, doşab almışıq, bal çıxıb. Qız Mirzə Əhməd ağanın evindədir. Ağa da qızın kəbinini özünə kəsmək istəyir. Qəribə budur ki, mənim rizamı soruşur. Guya ki, mənim köynəyim də bu işə razı deyil. Arvad bunu eşidəndə az qaldı durub evin içində oynasın. Öz-özünə deyirdi: “Bundan sonra nəinki Kamran xanın arvadı, hətta tamam əyanın arvadları məclislərdə mənim ayağıma duracaqlar. Qoy gözü götürməyənlərin canları çıxsın”. Səhər Hacı Mirzə Əhməd ağa pişxidmətini çağırıb əmr etdi: – Get o bəstə girən oğlana xəbər ver ki, mən Hacı Kamyabla görüşüb, onunla lazım olan söhbəti elədim. İndi xatircəm gedib evində otura bilər. Heç kəsin onunla işi olmayacaq. Vaxtında mən onu çağıraram. Fərman nə qədər yalvardı ki, ona əmisi qızı ilə görüşüb bir-İki söz danışmağa imkan versinlər, pişxidmət qəbul etməyib dedi: – Ağadan icazə yoxdur. Hər işdə orta halda olmaq yaxşıdır. * * * Fərman evlərinə qayıtdı. Bir neçə gün atasına görünməməyə çalışdı. Axır bir gün – təsadüfən atasına rast gəldi. Atası başladı oğlunu məzəmmət eləməyə: – Bala, yaxşı iş görmədin. Hacı Kamyab nə qədər olsa sənin əmindir. Onun ürəyinə dəymək heç bir layiq iş deyil idi. Xüsusən ki, axır vaxtlarda əminin meyli sənə tərəf dönmüşdü. Min tümən sənə maya verdi. Gələcəkdə yenə köməyini vəd etdi. Adam gərək işıq gələn yerə barmaq dürtməsin. Oğlu başını aşağı salıb cavab verdi: – Ata, daha keçmiş ola. Hacı Mirzə Əhməd ağa əmimi çağırıb razı etdi. Əmim də, söz yox, məndən inciyibdir. Bir neçə gün mənim üzümə baxmayacaq. Axırda yenə Hacı Mirzə Əhməd ağanı vasitə salıb barışarıq. Fərman bir yandan belə söyləyirdi. Bir yandan da ürəyinə qara fikirlər gəlirdi: “Xub, Hacı Mirzə Əhməd ağa əmimlə görüşəndən sonra nə üçün məni evindən rədd elədi və nə səbəbə mənə əmim qızı ilə görüşməyə icazə vermədi? Yoxsa ağa əmimin xahişinə görə Xudayar xanı çağırıb qızı ona tapşıracaq? Əlbəttə, mən hara, Xudayar xan hara! Xudayar xan zəngin mülkədar, xırda bir padşah, mən isə bir fəqir oğlan. Xudayar xanın qapısında yüz nəfər mənim kimi nökər var”. Bir gün əmisinin qapısından ötərkən gördü çoxlu at, qatır əmval və əşyası ilə yüklənib yola salınmaqdadır. Nökərdən yüklərin haraya gedəcəyini xəbər alıb bildi ki, yükləri Hacı Kamyab qızına cehiz verib, Hacı Mirzə Əhməd ağanın evinə gedir. Fərman bu əhvalatdan yenə bir şey başa düşməyib, axırda belə xəyal etdi: “Yəqin Hacı Mirzə Əhməd ağa Gövhərtacı təntənə ilə, öz evindən köçürtmək istəyir”. Fərman bu xəyalla evlərinə qayıdarkən dostlarından birinə rast gəldi. Dostu Fərmanı bir növ şadman görüb, yəqin etdi ki, əhvalatdan xəbəri yoxdur. Onu dayandırıb bir qədər danışdıqdan sonra dedi: – Qardaş, deyəsən sənin əhvalatdan xəbərin yoxdur? – Hansı əhvalatdan? – Şəhərin tamam tüccarı bu gün Hacı Kamyabın evinə cəm olub, Gövhərtacın cehizinin siyahisində isbati-vücud etmişdilər. – Bundan xəbərim var; çünki bu saat cehizin Hacı Mirzə Əhməd ağanın evinə göndərilməsini gördüm. – Sən bundan məgər bir şey düşünmədin? – Mən güman etdim ki, ağa qızı özü mübarək əli ilə köçürmək istəyir. – Ağanın mübarək əli sınsın! Cəmi zəhmətimiz hədər getdi. – Bu nə sözdür danışırsan? – Görünür əhvalatdan xəbərin yoxdur. Cənab Hacı Mirzə Əhməd ağa qızı özünə mal eləyib. – Bu nə axmaq sözdür danışırsan? – Axmaq sənsən ki, cəmi şəhərdə danışılan əhvalatdan bixəbərsən. Bu xəbəri yoldaşından eşidəndə Fərmanın başı gicəllənib, tamam şəhər başına dolandı. Yoldaşı ilə xudahafiz etməyib, divanə kimi evə gəlib, atasını da məyus, divara qısılmış gördü. Qeyzlə papağını başından çıxardıb yerə çırpdı. – Bundan sonra kimə inanasan? Aya, yerdə, göydə bir inanmalı şey varmı? Kimə etibar edəsən? Vaxta ki, dünyada bir təmiz qəlb, vücud yoxdur. Hacı Mirzə Əhməd ağa adını müctəhid qoyub, nəyə inanır? Kimə inanır, kimə ibadət eləyir? Allahamı? Hansı Allaha? O Allah haradadır? İbrahim oğlunu dayandırdı: – Bala, küfr danışma. Ağa eşidər, bu saat sənin qətlinə fərman verər. Səni camaat parça-parça edər; hər tikən bir əldə gedər! – Ağa bundan da artıqmı mənim qətlimə fərman verəcək? Bundan sonra mən dünyada yaşayamı biləcəyəm? Qoy məni öldürsünlər; cəhənnəmə, gora öldürsünlər! Təki ağanın könlü şad olsun. Məni qoy toyunda qurban kəsdirsin. Amma mən açıq deyirəm; hər yerdə də deyəcəyəm. Ayağıma dəmir çarıq geyib, əlimə dəmirdən əsa alıb tamam yer üzünü dolanıb deyəcəyəm; o, adını müctəhid qoyub, amma yalançıdır, fasiqdir! Onun Allahı qızıl öküzdür, ona səcdə eləyir. Dini, şəriəti, namusunu, dünyanı yemək üçün əlində alət eləyibdir. Əgər o müqəddəs vücuddur, neyləyir bir belə malı, əmlakı? O, cəmi elmlərə bələddir. Vaxta ki, o belə işlərə iqdam edir, görünür ki, o heç bir şeyə inanmayır. Və heç bir inanmalı şey yoxdur. Belədir. Göydə və yerdə bir inanmalı şey olsa idi, o, elminin gücü ilə bilərdi. Nə göydə, nə yerdə heç bir şey yoxdur. Yerlə göyün arası adlarını müctəhid və ruhani qoyan əmmaməli, əbalı, qəbalı həşəratla, yırtıcı qurdlarla doludur. Sənin müctəhidin ağa Mirzə Əhməd də canavarların, qan içənlərin böyüyüdür. Lənət onun üzünə, onun o nurani saqqalına! Atası yenə oğlunu danlayırdı: – Oğul, amandır, məni də bəlaya toxuyarsan. – Mən bu gündən buradan uzaqlaşacağam. Daha burada qalmaq mənim üçün mümkün deyil. Baş götürüb, diyarbədiyar gəzib, bu vəhşilərin əməllərinə xalqın diqqətini çöndərəcəyəm. Ya məramıma çataram, ya bir yerdə ölüb qalaram. Fərman evdən çıxdı. Atası vahiməyə düşüb deyirdi: – Ay aman, oğlanın başına hava gəlib. Gedib hər yerdə Hacı Mirzə Əhməd ağanın haqqında artıq-əskik danışacaq, axırda camaat gəlib mənim evimi də zirüzəbər edəcək. Az keçmədi Fərman qayıdıb, qoltuğunda bir dəst libas gətirdi. Libas dərviş libası idi. Libası geyinib atasına dedi: – Ata, bu gecə mən şəhərdən gedəcəyəm. Hər bir yerdən “Dərviş Hakam” adı eşitsən, bil ki, oğlundur. Mən bu adla dünyanı səyahət edəcəyəm. Bilməyirəm harada öləcəyəm. Ancaq arzu edərdim ki, öləndə gözlərim o fasiq Hacı Mirzə Əhməd ağanın divarına baxsın və divarın dalında mənim kimi dərdə mübtəla gözəl bir vücudu hiss eləsin. Ata, mən gedirəm. Amma sənə vəsiyyətim budur ki, inanma bunlara! Onların danışıqları hamısı riya və yalandır; allahları və şəriətləri də yalandır! Əgər yalan olmasaydı, özləri ona itaət edərdilər! Dünyada sərvət yığmaq, ləziz xörək yemək, behiştə bənzər otaqlarda, qəsrlərdə əyləşib, nazənin sənəmlərdən həzz aparmağa çalışmazdılar; həmişə tərif etdikləri axirət üçün çalışardılar! İndi mən yəqin etmişəm ki, axirət də yalandır! Doğru olsaydı, hamıdan qabaq ruhanilər, dünyaya fani deyənlər, dünya malına cəhənnəm odu deyənlər onu axtarardılar. Salamat qal, ata, mənim fikrimi eləmə. Xudahafiz! * * * Gövhərtac üçün xüsusi bir müzəyyən otaq təyin olunmuşdu. Qadınlar onu əhatə edib, Hacı Mirzə Əhməd ağanın əmrinə itaət edərək, ona bir növ məhəbbət göstərib, hər bir xahişinə fövrən əməl edirdilər. Heç bir tərəfdən qızın qeydi yox idi. Ancaq əmisi oğlu ilə görüşmək ona mümkün olmadığı ürəyini sıxırdı. Bu xahişini bir dəfə izah elədi; cavabında dedilər ki, oğlan sənin əmin oğlun da olsa, nə qədər kəbin kəsilməyib, naməhrəmdir. Başqa bir yerdə sizə görüşmək mümkün də olsa, ağanın evində belə xəlafi-şər əmələ yol verilmir. Əcələ etmək nə lazım, bu gün-sabah kəbinin kəsilər, ondan sonra öz sevgilinə qovuşarsan. Bununla axşam qızı sakit edirdilər. Hətta Hacı Kamyabın, ağanın yanına gəldiyini qıza xəbər verirdilər. Bir axşam qadınlar cəm olub, Gövhərtacın başına, əllərinə, ayaqlarına xına yaxdılar. Sübh ağanın bağçasında vaqe xüsusi hamama aparıb yuyundurdular. Sonra məşşatə gəlib onun qaşlarını hamarladı. O günü axşamadək qadınlar Gövhərtacın bəzək-düzəyinə məşğul oldular. Axşam bir dəstə toy libası geyİndirib başına bir qırmızı zərli cuna örtüb, iki nəfər qadının müşayiəti ilə başqa bir otağa keçirib, orada xeyir-dua verəndən sonra tək qoyub çıxdılar. Qız tək otaqda əyləşib sevgilisini gözləyirdi. Ayaq səsi gələndə ürəyi döyünüb dedi: – İndicə Fərman qapıdan girəcək. Nəhayət, qapıdan daxil olan, Hacı Mirzə Əhməd ağa özü idi. – Sən çox xoş gəlibsən bu evə, gözəl qız. Qədəm əziz eləyibsən!.. Qız ağanın sözündən bir şey anlamayıb, ancaq onu xeyir-dua verməyə gəlmiş hesab etdi. Amma elə ki ağa əmmaməni çıxardıb, bir yana qoyub, əbanı da mismardan asıb, gözləri qızarmış, qıza tərəf hücum etdi, qız aldandığını duydu. Və bir dəfə ucadan qışqırıb yıxıldı. Hacı Mirzə Əhməd ağa təşvişə düşüb, cəld çıxıb, böyük arvadını səslədi. Istədi həkimbaşı Mirzə Mehdi üçün adam qaçırtsın, böyük arvad razı olmadı. – Cavan qız uşağıdır. Belə şeylər çox olar. Bir-İki gün atılıb-düşüb yerində əyləşəcək. Bir neçə dəqiqədən sonra tamam əndərun qadınları Gövhərtacın ətrafına cəm oldular. Hərçi səy edirdilər, onu özünə gətirə bilmirdilər... Bəzən bir-İki dəqiqəliyə ayılıb, ətrafına baxıb, dübarə qışqırıb yıxılırdı. Qadınlar sübhədək yatmayıb Gövhərtacla məşğul oldular. Sübh Gövhərtac ayıldı. Qadınların nəsihətlərinin və onu yola gətirməyə çalışdıqlarının müqabilində Gövhərtac ancaq bir söz deyirdi: – Evimizə gedəcəyəm! Adam göndərdilər, Gövhərtacın anası gəldi. Qızını bu halətdə görüb başladı şarp-şarp dizlərini döyməyə: – Ay qız, bu nə oyundur çıxardırsan? Allah sənə elə bir bəxt açıbdır ki, yatsan yuxuna da gəlməz. O axmaq bambılıda sən nə görübsən? Sənin müctəhid Hacı Mirzə Əhməd ağa kimi ərin var. Bu saat hamı xanzadələrin, şahzadələrin qızları sənə həsəd aparırlar. Şəhərin tamam əyanı bir-bir gəlib sənin atana gözaydınlığı verirlər. Məni bəyənməyən Kamran xanın arvadı dünən özü mənim yanıma gözaydınlığına gəlmişdi. Sənin bu hərəkətin atanı da, məni də yerə çırpır. İndi bəlkə Hacı Mirzə Əhməd ağanın qeyzi tutub, səni qolundan tutub atdı bayıra. Ondan sonra sənin atan camaat içinə çıxa bilərmi? Mən Kamran xanın arvadının və sair arvadların üzünə necə baxaram? Sənin öz haqqında arvadlar İki min söz danışıb, ağzıgöyçəklik eləyəcəklər. Necə ola bilər ki, mən sağ gözümdən təmiz qız bəsləyim, onun haqqında olmayan sözləri arvadlar danışıb, abrısını tökələr? Ağlını başına cəm elə, qızım. Hacı Mirzə Əhməd ağa özünü padşahdan yuxarı tutur. Amma sən elə kişini xoşlamayıb, bir bambılının dərdini çəkirsən. Onu da bilginən ki, atan sənin bu işindən xəbərdar olsa, gəlib yəqin başını kəsəcək. Gövhərtac özünü köməksiz görüb, mat, mütəhəyyir divara yapışdı. Anası bir az nəsihət edib, durub getdi. Qalan arvadlar da onun anasının sözlərini təsdiq etdilər. * * * Məmləkətin şəhərlərinin hamısında dərviş Nakamın tərifi söylənirdi. Doğrudan da tərifə layiq idi. Qara, uzun saçları çiyninə tökülmüş, uca boylu, qara irigözlü, gözəl səsli dərviş Nakam bazara çıxanda hər bir yerdə onun tamaşasına cəm olurdular. Onun oxuduğu sair dərvişlərin qəsidələri deyil idi. Bu başqa bir şivə ilə meydana çıxmışdı. Oxuduğu Xəyyamın rübailəri, Sədinin qəzəlləri və Qaaninin qəsidələri idi. Elə ki: Çi qəm zi bikülahi, k-asiman külahi-mənəst, Zəmin bisatü dəru dəşt barigahi-mənəst – oxuyanda hər tərəfdən “afərin” sədası gəlirdi. Ya Sədinin qəzəliyyatından: Əz hərçi mirəvəd süxəni-dust xoştərəst, Peyğami-aşina, nəfəsi-ruhpərvərəst – Papaqsızamsa nə qəm, göy mənim külahımdır, Bu yer büsat mənə, çöl də barigahımdır. Dostum nə söyləsə sözü xoşdur bilənlərə, Dostun sifarişi məzədir ruhə bir kərə. şur üstündə oxuyanda çox adamın gözlərindən yaş axırdı. Çünki hamı onun dərdindən xəbərdar idi. Hacı Mirzə Əhməd ağanın onunla rəftarı hamının ürəyini nəinki bir Hacı Mirzə Əhməd ağanın, tamam ruhani siniflərinin əleyhinə döndərmişdi. O da bundan istifadə edib, daha da camaatı ruhanilərdən rugərdan eləməyə çalışırdı və müvəffəq də olurdu. Çünki əlindəki dəlillər çox möhkəm idi. Şəhərlərin əyanından, tüccarından hər biri dərviş Nakamı görməyi özü üçün fəxr hesab edirdi. Məclislərdə gözəl qəzəllər və qəsidələr oxuyandan sonra şirin söhbətlərlə camaatı məşğul edirdi. Və söz arasında çox yerdə şuxluğa salıb ruhanilər əleyhinə təbliğat aparırdı. – Baxın, birisi adını müctəhid qoyub namaza duranda onun dalında o qədər adam iqtida bağlayır ki, məscid, camaatı tutmur. Axırda çıxıb meydanda camaat namazı qılır. Yolla gedəndə müridlər dalınca qoyun sürüsü kimi gedirlər. O da baxıb ləzzət aparır. Camaatın malı, dövləti, irzü namusu onundur. Ona da bu lazımdır. Rəyasət zəhəri hamısını zəhərləyib. Mürid, yəni qoyun sürüsü yığmaq üçün həmişə bir-biri ilə mübarizədədirlər. Bu onun, o bunun küfrünə hökm verir. Biri adını üsuli qoyur, biri şeyxi qoyur, biri ağayi qoyur, biri şiə qoyur, biri sünni qoyur. Birisi də çıxıb deyir: sizin hamınız yalan danışırsınız! Sizin dininiz də köhnəlib, özünüz də köhnəlmişsiniz. Mən özüm bəhaüllaham, Allahın ruhuyam. Sizin köhnəlmiş Quranınızın qarşısında göydən mənə bəyan nazil olubdur, Cəbrayıl mənə hər gün vəhy gətirir. Bunların hamısı rəyasət mübarizəsi, camaatın qoyun kimi yununu qırxıb, sərvət qazanmaq mübarizəsidir. Yoxsa hamısının danışıqları yalandır. İbadətləri, oruc-namazları hamısı xalqı soymaq üçün hiylə və təzvirdir. Onlar heç bir şeyə inanmırlar və elmlə də yəqin ediblər ki, heç bir şey yoxdur. Birdən görəndə ki, bu söhbət camaatın bir parasına naxoş gəldi, o saat söhbəti dəyişib, bir neçə lətifə söylərdi. Sonra da başlayıb, bir gözəl qəzəl oxuyub, xalqın yenə məhəbbətini özünə tərəf çəkirdi və deyirdi: – Camaat, mənim danışıqlarıma artıq papey olmayın. Mən dərviş babayam və məlumdur ki, dərvişin dini olmaz. Belə danışıqlarla sözlərini malalayırdısa da, yenə ürəklərə bir şəkk toxumu səpirdi. Dərviş Nakam neçə sənə İranı, Hindistanı, Qafqazı, Türküstanı dolandı. Hər yerdə özünü şad, xürrəm, lətifəgu göstərdi. Amma gecələr sübhədək Gövhərtacın fərağında davam etməyib zəifləşirdi. Axırda sinəsindən qan gəlməyə başladı. Daha səsində köhnə lətafət qalmadı. Nəfəsi gödəldi. Bununla belə yanıqlı qəsidələri qulaq asanlara böyük təsir edirdi. Bir neçə vaxtdan sonra dərviş Nakam bilmərrə ortalıqdan çıxdı. Kimisi onu ölmüş, kimisi Hİndistana və ya müalicə üçün sair bir yerə getmiş bildi. Ancaq hamı onun meydandan çıxmasına əfsus edib, dübarə salamat qayıtmasını arzu edərdi. Məclislərdə onun söhbəti danışılırdı. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Bu da yenə dərviş Nakamı camaatın gözünün qabağına gətirərdi. * * * Gövhərtac Hacı Mirzə Əhməd ağanın evində ən əziz vücud, arvadların zübdəsi olmağına baxmayaraq, İki gün salamat görünəndə üç gün bəstərdə yatırdı. Mirzə Mehdi həkimbaşı həftədə İki-üç dəfə onu yoluxurdu. Dərviş Nakam üç ildi ki getmişdi. Gövhərtacın mərəzinin istəklisinin fərağından nəşət etdiyini heç kəs güman etmirdi. Ancaq bir tək Mirzə Mehdi onun mərəzinin səbəbini bilirdi. Fərman bir dəqiqə Gövhərtacın gözünün qabağından getmirdi. O özünü həmişə həbsdə hesab edirdi. Hacı Mirzə Əhməd ağa onu başdan-ayağa cavahirata tutmuşdu. Yanında neçə nəfər kəniz onun hər bir xahişinə əməl edirdilər. Bununla belə, gecələr çıxıb, əndərun bağçasında kənizlərlə bir yerdə gəzəndə kənizlərə deyərdi: – Siz məni burada bir qədər tək qoyun, sonra mən çağıranda gələrsiniz. Kənizlər gedərdilər. Gövhərtac gül ağacının yanında əyləşib qəm dəftərini açardı. Leyli tək Aynan, buludlarnan sevgilisinə sifarişlər göndərərdi, deyərdi: – Yəqin, mən tamaşa etdiyim Aya bu halda Fərman da tamaşa edir. Nə olardı bu dəqiqə qanadlanıb, quştək uçub özümü ona yetirəydim. Aya, görəsən, mən çəkdiyim qəmdən o da çəkirmi? Yoxsa İndi özünə bir yar tapıb Gövhərtacı bilmərrə unudubdur? Yox... Fərman vəfalı oğlandır. Onun əlindən namərd iş gəlməz. Aya, görəsən, o da mənim kimi dərdə mübtəladır, ya salamatdır? Mən Fərmanın məriz olmasını istəmərəm. Qoy salamat olsun. İndi ki məndən ayrı düşübdür, mən öləndən sonra, düşəndə bir mənim qəbrimin üstünə gəlsin. Özümlə görüşmək ona müyəssər olmayacaq. Bəlkə qəbrimlə görüşə. Yoxsa, nainsaf Hacı Mirzə Əhməd onu mənim qəbrimin üstünə də qoymayacaq?.. Birdən yasəmən ağacının arasından Fərmanın heykəli gözünə göründü. Ucadan qışqırıb yıxıldı. Kənizlər onun səsinə yüyürə-yüyürə gəlib, üzünə su səpib, ayıldıb otağına apardılar. O gündən Gövhərtacın mərəzi getdikcə şiddət edib böyük iztiraba səbəb oldu. Həkimbaşı Mirzə Mehdi gündə üç dəfə gəlirdi və ona dərman yazırdısa da, bilirdi ki, bir təsir bağışlamayacaq. Onun dərdinin bircə dərmanı var idi. Onu da ki, əczaxanadan almaq mümkün deyildi. Bir dəfə Hacı Mirzə Əhməd ağa Mirzə Mehdini otağına çağırıb dedi: – Mirzə Mehdi, bu gəlin üç ildir naxoşdur. Hər dəfə siz gəlib onunla görüşüb gedəndən sonra bir-iki saat haləti özünə gəlib gülür, danışır. Sonra yenə haləti təğyir tapıb yıxılır. Onun mərəzinin sizə məlum olmasına şəkkim yoxdur! Bəlkə siz onun dərdinə müalicə tapmayırsınız. Əgər məsləhət bilirsiniz, yazım padşahın xüsusi təbibi gəlsin. Lazım olsa Firəngistandan mən təbib gətirməyə hazıram. Ancaq Gövhərtac səlamətliyə çıxsın. Mirzə Mehdi Gövhərtacın mərəzinin səbəbini deməkdən çəkinib, ərz etdi ki, padşahın təbibini dəvət etməyinizə mənim sözüm yoxdur. Ansaq Gövhərtacın mərəzi müalicəpəzir mərəzlərdən deyil. Hacı Mirzə Əhməd ağa bu söhbətdən sonra məyus oturdu. Ağa, Gövhərtacın sağalmasının qeydində deyildi. Yüz elə Gövhərtac, ondan da gözəlləri ağaya zövcə olmağa fəxr edərdilər. Ancaq Gövhərtac özündən sonra bir zürriyyət qoymayıb ölərsə tamam Hacı Kamyabın dövləti əlindən çıxar. Ağanı təşvişə salan bu fikir idi. * * * Bir sübh dərban şəhərin darvazasını açıb gördü ki, bir nəfər cavan dərviş yerə yıxılıb ah-zar edir. Dərban onun kim olduğunu, nə yerdən gəldiyini və niyə belə ah-zar etdiyini xəbər aldı. Dərviş cavab verdi: – Uzaq yerlərdən gəlirəm. Naxoşam, çox piyada yol gəlib yorulmuşam. Bir cürə mənə su ver. Bir udum Dərban su gətirib verdi. Dərviş suyu içib xəbər aldı: – Sən bu şəhərin adamlarının hamısını tanıyırsanmı? – Məşhurlarından hamısını tanıyıram. – Zərgəran məhəlləsində Hacı Kamyabı tanıyırsan? – Onu kim tanımaz! – Onun İbrahim adında bir qardaşı var, onu da tanıyırsan? – Əlbəttə, tanıyıram! – Mənim daha yeriməyə halətim yoxdur. Lütf elə, məni onun evinə apar! İbrahim səhər durub dükanına getmək istəyirdi. Küçəyə çıxanda gördü ki, şəhər dərbanı bir nəfər mərizin qoltuğuna girib onun evinə tərəf gətirir. Məriz dərviş libasında, qırmasaqqal, uzun, cavan bir oğlandır. Amma cavanlığına baxmayaraq, başının və saqqalının tüklərinin yarısı ağdır. Yaxınlaşanda gözlərindən Fərmanı tanıdı. – Ay oğul, niyə belə olubsan? Hanı sənin movzun qamətin, hanı sənin qırmızı yanaqların, gülər dodaqların, enli sinən? İbrahim oğlunu sinəsinə basıb, başladı üzündən-gözündən öpməyə. İbrahimin saqqalı aşağı gözlərindən sel kimi yaş axdı. Ümidi bircə oğluna idi. Deyirdi: “Gedər, görmədiyi yerləri seyr edib, dərdüqəmini unudub qayıdar”. İndi oğlunun bədəni bir dəri, bir sümükdən ibarətdi. Sinəsi batıq, sifəti saralıb, çiyinləri qalxıb. Cavanlar zibdəsi Fərmandan bir quru kölgə qalıb. Dərbanın köməyi ilə Fərmanı evə gətirib, yatağa salıb yatırtdılar. Dərban getdi. İbrahim o günü dükana getməyi movquf edib, oğlunun yanında qaldı. – Bala, yoxsa sənə soyuq dəyib? Sənin üçün bu saat darçın çayı bişirərəm. İçib tərlərsən, durarsan ayağa. İbrahim istədi qalxıb, ocaq düzəldib çaydanda su qaynatsın. Fərman onu dayandırdı. – Lazım deyil, ata, üç ildən artıqdır səni görməyirəm. Otur, bir qədər söhbət eləyək. Darçın çayı mənim dərdimə dərman ola bilməz. Görürsənmi, sənin qardaşın və millətinin başının yiyəsi Hacı Mirzə Əhməd ağa məni nə halətə saldılar! Bu yerdə Fərmanı öskürək tutub, bir qədər öskürəndən sonra tər basıb, zəifləşib, başladı çətinliklə nəfəs çəkməyə. Bir azdan sonra dedi: – İndi, ata, halətimi görürsən, məni belə elədilər. Gündə bir ləyən sinəmdən qan gedir. Onu da görəcəksən. Bircə de görüm əmim, ağa ilə qohum olmaqdan xoşnuddurmu? Gövhərtac, ağanın evində özünü xoşbəxtmi hiss edir? Qoy xoşbəxt olsun. Yaxşı candır. Əmimə deginən, heç olmasa məndən ona salam yetirməyi qəbul etsin. Yoxsa o nainsaf bunu da qəbul etməyəcək? Qoy Gövhərtac bilsin ki, mən ölməyimi hiss edib, özümü vətənə yetirdim ki, heç olmasa, axır nəfəsimdə gözüm onun evinə baxsın. İbrahim dedi: – Gövhərtac da sən gedəndən naxoşdur. Əmini görsən tanımazsan. Xiffətdən, qüssədən müqəvvaya dönübdür. Mirzə Mehdi həkimbaşı gündə neçə dəfə ağanın evinə gedir. Hətta ağa yazıb padşahın xüsusi təbibini gətirtdi. O da bir neçə gün qalıb getdi. Deyirlər mərəzi vərəmdir, sağalmayacaqdır. – Görünür, vəfalı imiş. Mən də onu həmişə vəfalı bilirdim. Afərin ona. Fərman gözünü yumub huşa getdi və huşda sevgilisini görüb onunla danışırdı. Atası Fərmanın həzin səsini eşidirdi: Ləzzət rüxi-yari-dilistandan, Candır bilən, ey driğ candan. Canım gedəli bəsi zamandır, Cismimdəki İndi özgə candır. Məndə olan aşikar sənsən, Mən xud yoxam, o ki var, sənsən! Bunun dalınca hövlnak qalxıb əlini qabağa uzadıb səsləndi: – Getmə, getmə, bir qədər dayan! Atası xəbər aldı: – Ay oğul, kimlə danışırsan? Cavab əvəzinə Fərmanı öskürək boğmağa başladı. Bir qədər öskürəndən sonra əlinin biri ilə ağzını yumub işarə ilə ləyən istədi. Atası ləyəni yaxın gətirəndə Fərman əlini ağzından çəkdi. Ləyən laxta qanla doldu. İndi İbrahim oğlunun daha dirilməyəcəyini yəqin edib hönkürtü ilə ağladı. Fərman onu sakit elədi. – Ağlama, ata, gərək belə də olaydı. Qoy əmimin könlü şad olsun. İbrahim cəld evdən çıxıb, qonşudan təbib Mirzə Heydərqulunu çağırdı. O da gəlib baxıb, başını bulayıb, bir nüsxə yazıb getdi. – Bu dərmanı çay kimi dəmləyib gündə üç də içsin. Sübh İbrahim oğlunun otağına girib halətini bir az yaxşılaşmış gördü. – Ata, bu gün halətim çox yaxıdır, deyəsən sağalacağam. Özümdə heç azar hiss etməyirəm. Bir az mənə süd ver, acmışam. İbrahim sevinərək süd gətirib verdi. Fərman iştahla südü içdi. Sonra atasına dedi: – Ata, İki gündür mən gəlmişəm, dost-aşnalarımın mənim gəlməyimdən xəbərləri yoxdur. Mən də onları çox görmək istərdim. Bir saatdan sonra Fərmanın yoldaşları onu əhatə edib, bu üç ilin müddətində vaqe olmuş hadisələrdən söhbət edirdilər. Fərman da dərviş sifətində dünyanı dolaşdığından, gördüyü ölkələrdən, şəhərlərdən, adamlardan danışırdı. Bir azdan sonra Fərman danışmaqdan yorulub gözlərini yumdu. Yoldaşları ahəstə durub getdilər və İbrahimə dedilər: – Gözlərin aydın olsun, az çəkməz Fərman durar ayağa. Fərman bir qədər yatıb, sonra bərk öskürəklə oyandı. Atası onun səsini eşidib içəri daxil oldu. Fərmanın haləti digərgun idi. Atası xəbər aldı: – Ay bala, bir az bundan qabaq ki, yaxşı idin. İndi nə oldu sənə? Fərman cavabında dedi: – Ata, işim xarabdır. Get bir Mirzə Mehdi həkimbaşını mənim yanıma gətir. – Oğul, Mirzə Mehdini gətirmək üçün çox pul lazımdır. Mən də o qüvvət nə gəzir, genə gedib Mirzə Heydərqulunu çağıra bilərəm. – Ata, sən get deginən Fərman gəlibdir; çox xahiş eləyir ki, onun yanına gələsiniz. Mənim adımı eşidəndə gələcək. Sən get, ata! Mirzə Mehdi, həqiqət, gəldi. Içəri daxil olub, gendən Fərmanın sifətinə baxanda onda ölüm nişanəsini aydın gördü. Sonra gəlib, Fərmanın yastığının yanında əyləşib nəbzini tutdu: – Artıq azarın yoxdur. Qorxma, sənə özüm müalicə elərəm. Tezliklə sağalarsan! Mirzə cibindən kağız və qələmdan çıxarıb nüsxə yazmaq istəyəndə Fərman onu dayandırdı. – Zəhmət çəkməyiniz. Mənim mərəzim dərmanpəzir deyil, sizə zəhmət verməkdən mənim özgə niyyətim var. Siz bir vaxt mənə böyük yaxşılıq eləyibsiniz. O yaxşılığın nəticəsi mənim ürəyimcə olmadı. İndi siz müqəssir deyilsiniz. Mənim qismətim belə oldu. İndi isə mənim sizdən bircə xahişim var: siz Gövhərtaca müalicə edirsiniz, zəhmət çəkib, onun yanına gedib, əvvəl məndən ona salam yetirin! Sonra mənim halətimi necə görürsünüz, elə də söyləyin! Ona deyin ki, onun fərağında dərmansız dərdlərə düşüb İndi can verirəm. Çox istərdim ölən vaxt onun üzünü görüb can verəydim. Çifayda bu mənə müyəssər olmayacaq. Ondan çox təvəqqe eləyirəm, libasından bir şey mənə göndərsin. Bəlkə heç olmasa onun qoxusunu ondan alım. Mirzə Mehdi, Fərmanın xahişinə əməl etməyi vəd etdi. * * * Səhər İbrahim oğlunun otağına girib adi sual verdi: – Necəsən, bala? – Yaxşıyam, ata. Mirzə Mehdi İndicə gərək gəlsin. Fərmanın gözü qapıda idi, yanıqlı bir dillə deyirdi: – Bu kişi yenə gəlmədi. Yoxsa, mən bu arzuma da çatmayıb öləcəyəm? Bir azdan sonra mümkün gəldikcə ucadan səsləndi: – Yox, arzuma çatmayınca ölməyəcəyəm! Atası xəbər aldı: – Ay bala, o arzu nədir? – Bir şey deyil, ata, bir çıx qapıya gör Mirzə Mehdi gəlirmi? Fərmanın bütün bədəni iztirabda idi. Hər beş dəqiqədə atasını küçəyə göndərirdi. – Ata, çıx gör gəlməyir ki? İbrahim evə qayıdıb Mirzə Mehdinin təşrif gətirməyini xəbər verdi. Fərman başını yastıqdan götürüb döşəyin üstündə əyləşdi. Mirzə Mehdi daxil olub salam verdi. – Buyurun, Mirzə, əyləşin! Gövhərtacı gördünüzmü? – Bəli, gördüm. – Onda izin verin, Mirzə, gözlərinizdən öpüm. Mirzə Mehdi əyildi. Fərman neçə dəfə onun gözlərindən öpdü. Sonra xəbər aldı: – Sifarişimi yetirdinizmi, Mirzə? – Necə ki demişdin, elə də yetirdim. Bu da sənə Gövhərtacın sovqatı! Bu sözlə əbanın altından bir köynək və bir ədəd qan ləkəli dəsmal çıxarıb Fərmana verdi. Fərman dəsmalı və köynəyi neçə dəqiqə iyləyib dedi: – Oxqay, Gövhərtacın qoxusu gəlir. Sizdən çox razıyam, həkimbaşı. Heyf ki, bu mərəzdən mən durmayacağam. Yoxsa sizin xəcalətinizdən layiqincə çıxardım. – Sonra köynəyi qalxızıb bir qədər yanıqlı nəzərlə baxıb odlu bir ah çəkdi: – Sevgili dilbərim! Illərcə fərağını çəkməkdən canım dərdə düşdü. Gecə-gündüz dilimin əzbəri, şam tək gözümün qabağında şölə verən, parlaq ulduz tək yollarımda mənə rəhbər olan, gecələr Aya baxanda gördüyüm sən idin. Ölümün yetişdiyini hiss edib, axır nəfəsimi sənin yaxınlığında vermək üçün özümü buraya yetirdim. Didarın mənə müyəssər olmadı. İndi sənə ən yaxın olan köynəyinə baxıb səni vida edirəm. Əlvida, dilbərim! Bu sözlə köynəyi bağrına basmış həmişəlik gözlərini yumdu. Həkimbaşı qalxıb, gözlərinin yaşını silib ahəstə otaqdan çıxdı. * * * Haman gün şəhərin hamı məscidlərinin minarələrində çəkilən minacatlar müctəhid Hacı Mirzə Əhməd ağanın zövcəsinin vəfatını şəhərin əhalisinə elan elədi. Gövhərtac axır nəfəsində ərini yanına çağırtdırıb dedi: – Məni bağışlayın, ağa, mən üç ildir sizin evinizdə kəniz kimi dolanıb, bir dəfə cürət edib sizə bir söz deməmişəm və sizdən bir xahiş etməmişəm. Ancaq sizin sualınıza cavab verib, sizin məramınızla rəftar eləmişəm. Dərmansız dərdə düşüb, bircə dəfə də olsun dərdimin nə olduğunu qısıldığımdan sizə söyləməmişəm. Siz və həkimbaşı mənim dərdimin nə olduğunu bilirdiniz, ancaq dərman tapmaqdan aciz idiniz. İndi mənim axır nəfəsimdir. Sizdən mənim bircə xahişim var. Ona əməl etsəniz, mənim ruhum sizdən xoşnud olar; mənim qəbrimi Fərmanın qəbri ilə yanaşı qazdırın, onun da axır nəfəsidir. Hacı Mirzə Əhməd ağa söz verdi. Gövhərtac əlini uzadıb ərinin əlini tutub dodaqlarına tərəf çəkmək istədikdə boğazından bir parça qan gəlib, ağanın əlinin üstünə düşdü. Gövhərtac bihiss yıxılıb canını tapşırdı. Şəhərin əhalisi Gövhərtacın dəfn və izhari-təhiyyəti üçün ağanın evinə cəm oldular. Böyük bir təntənə ilə rəsmi-dəfni icra elədilər. Amma ağa verdiyi sözə əməl etməyib, Gövhərtacı öz həyətində dəfn etdirdi. * * * Odabaşı hekayəsini qurtarıb süpürgəçini göstərib dedi: – Bu zalım bir-birini ürəkdən sevən İki cavan vücudun fənaya getməsinə səbəb oldu. Odabaşıya dedim: – Daha kifayətdir. Gedək. Qoy bu burada süpürgəsini çəksin. Ona hər nə olursa haqqında olur. Sənin bu hekayətin mənim ürəyimi odlayıb yandırdı. Gedək buradan. Hacı Mirzə Əhməd ağadan ayrılandan sonra məni bir kəsalət basıb daha cəhənnəmi səyahət etmək həvəsindən düşdüm. Öz-özümə dedim: – Mən məgər bundan da bir ağır müqəssir görəcəyəm. Bunun müqabilində, gördüklərimin dünyada tutduqları işlər hamısı uşaq oyuncağı mənzələsindədir. Daha bəsdir, evə qayıtmaq lazımdır. Üzümü odabaşıya tutub dedim: – Əmi oğlu, bağışlayın, sizə çox zəhmət verdim və öz zəhmətinizlə məni çox məmnun etdiniz. İndi axır zəhmət çəkib məni buradan çıxardın. Daha burada qalmağa mənim tabım yoxdur. Odabaşı istədi mənə sair məkanları da göstərsin, boyun qaçırtdım. O da mənim inadımı görüb, dala qayıdıb, cəhənnəmin çıxacağına tərəf yönəldi. Bu halda gördüm cəhənnəm əhli hamısı bir-birinə dəyib. Bir qışqırtı qopubdur ki, cəhənnəm az qalır partlayıb dağılsın. Odabaşıdan soruşdum: – Nə xəbərdir? Dedi: – Mən də sənin kimi. İndi bu saat xəbər bilərik. Bir az gedib baxdıq ki, göz işlədikcə cəhənnəm adamla doludur. Hamısı qışqırır. Camaatın əksəri deyir: – Odabaşı, istəmirik, gəlməsinlər. Onları biz aramıza qoymayacağıq. Onlar bizə cəhənnəmdə də rahat yatmağa imkan verməyəcəklər. Camaatın az hissəsi bunlara nəsihət eləyir: – Qardaşlar, qoyun gəlsinlər, nə işiniz var. Onların sizə heç bir əziyyət və azarları toxunmayacaqdır. Onlar da buraya sizin kimi yanmağa gəlirlər. – İstəmirik, gəlməsinlər. Qoy gedib hansı cəhənnəmdə yanacaqlar yansınlar. Biz onları öz cəhənnəmimizə qoymayacağıq. Baxdım, nəsihət edənlərin içində gördüyüm bəylər, axundlar və sair millətlərin ruhaniləri və əyanı hamısı səf-səf dayanıb gələnləri gözləyirlər. Cəhənnəm əhlinin birindən xəbər aldıq: – Oğlan, bu nə əhvalatdır? Dedi: – Nə olacaq?! Rus qoşunu cəhənnəmə dolur. Bundan sonra gərək hamımız cəhənnəmdən baş götürüb qaçaq. Baxdıq ki, rusun kazakları, saldatları, əfsərləri, yarananları dəstədəstə cəhənnəmə dolmaqdadırlar. Axundlar əllərini göyə qalxızıb, keşişlər, əllərində xaç, bunlara dua edirlər. Bəylər, ağalar, dvoryanlar hamısı İkiqat olub gələnlərə baş əyirlər. Yaranallardan biri səsləndi: – Camaat, sakit olun! Əlahəzrət imperator əzəm İkinci Nikolay həzrətləri lütf edib cəhənnəmə buyururlar. Odabaşıya dedim: – Əmi oğlu, tez olun, buradan məni çıxardın. Bunlar ki buraya sahibləndilər, məni başburtsuz görüb əziyyət edəcəklər. Tez olun, qardaşım! * * * Bu yerdə diksinib özümü yatağımda gördüm. Dost-aşna qoyub getdiyim qərar əyləşib mənim gəlməyimə müntəzir idilər. Cənab Ağ Molla mənim qayıtmağımı hamısına axşamdan xəbər vermişdi. Yoldaşlar bir-bir başladılar mənə sual verməyə. Dedim: – Danışmaqla qurtarası deyil. Gördüyümü yazaram. Siz də, cəmi məraq edənlər də oxuyarlar. Cəhənnəmdə çox qəribə şeylər və adamlar gördüm. Hamısını yazacağam. Ancaq axır vaxt padşah da yaranalları ilə bahəm oraya gəldi. Bu nə işdir? Dedilər ki, bəs İndi zəhmətkeşlər hökuməti öz əllərinə alıb. Padşahı cəmi xahanları ilə bir yerdə göndərdilər cəhənnəmə. Rəfiqlərimdən birisi durub pəncərəni açdı, dedi: – Buyur, tamaşa elə, gör nə halətdir. Pəncərədən baxanda şəhərin tamam evlərinin üstündə qırmızı bayraqlar gördüm. Cavanlar dəstə-dəstə, əllərində qırmızı bayraqlar gəzinib, bir növ nəğmələr oxuyurlar ki, mən əsla eşitməmişdim. Rəfiqim dedi: – Bu nəğməyə proletar nəğməsi deyirlər. Keçmişdə bunları xəlvətdə oxuyurdular. İndisə küçələrdə ucadan oxuyurlar. Keçmişdə bu nəğməni oxuyanları tutub boğurdular, Sibirə göndərirdilər, qazamatlarda çürüdürdülər. İndisə işlər başqadır. Hətta zəhmətkeşlər cəhənnəmi, behişti də yox elan ediblər. Çünki behiştə layiq olanlar da, cəhənnəmə layiq olanlar da cəzalarını zəhmətkeşlərin əlindən bu dünyada alırlar. Dedim: – Məgər qırxca günün müddətində bir belə təbəddülat vaqe olubdur? Ağa Molla cavabımı verdi: – Sizə belə gəlir. Mən və möhtərəm Mirzə Qoşunəli də cəhənnəmin hər gününün dünyanın qırx gününə bərabər olduğunu sizə söyləmədikmi? İndi siz gedəli tamam dörd il və neçə aydır. Dedim: – Çox gözəl, biz də öz cəzamıza müntəzir olarıq. * * * Mozalanbəyin səyahətnaməsi Bizim möhtərəm mühərririmiz Mozalan bir neçə vaxt bundan əqdəm Qafqaz səyahətinin fikrinə düşmüşdü, istəyirdi ki, Qafqazın bir para mərkəzlərini səyahət edib gördüyündən və eşitdiyindən yazıb “Səyahətnameyi-İbrahimbəy” kimi bir kitab düzəldib millət üçün yadigar qoysun. Mozalanın bu xəyalını biz də çox bəyəndik, çünki həqiqətdə Qafqaz müsəlmanları öz vətənlərinə bələd deyillər və onlar üçün Mozalantək bir mücahid böyük qənimətdir. Gedib hər bir yeri səyahət edər, məsələn, Gəncənin hamamlarından, Şəkinin pirlərindən, əfəndilərindən, qiraətxanasından, Bakının qoçularından, müsəlman teatrını təkfir edənlərdən, Qarabağın dağılan qəmisələrindən (komissiya), bəylərin danoslarından, hacıların əhli-iman olmaqlarından, axundların camaatın doğru sözünə cavab tapmayıb qaçıb kəndlərdə, hücrələrdə guşənişin olmaqlarından, Naxçıvanın camaat belini inək beli hesab edib dağıdan sağsağanından, Irəvanın xanlarının millətpərəstliyindən, Şamaxının, Kürdəmirin, Göyçayın, Ağdamın... nələrindən yazar, özü bilər, xülasə, fəxrimizə layiq adətlərimizdən, axır çərşənbədə odlara düşüb özlərini millətə qurban edənlərimizdən, çeşömarəm be to mən nam be nam, bunların hamısın, yazıb bir yadigar qoyar, biz də oxuyub özümüzü başıuca hesab edərik. Mozalanın yol xərcliyi idarədən düzəldi, ancaq ona bir bəylik kağızı lazım oldu ki, şəhərləri gəzəndə camaat ona ehtiram göstərsin, bəy olmayanda ki, nə hörməti? Hərçənd bu məsələ çətin bir məsələdir, axırda Mozalanın yadına düşdü ki, Qarabağda bir nəfər şəxs var ki, keçmişdə bəy komissiyasında katib olub və cəmi bəy yazılanların siyahısını saxlayıb və indiyədək Qarabağda nə qədər keçəl-küçəl, dana otaran, quş ovladan var, hamısını bəy edib. Lazım gəldi həmin şəxsə pul göndərib ondan çarə istəmək. Biz də bu məsləhəti bəyənib kağızı yazdıq və zəhmət haqqını göndərdik. Bəy dəftərə baxıb orada Mozalanbəyin babası Qozqıranbəyin adını yalandan tapıb sübut etdi ki, həqiqətdə Mozalan elə bəydir ki, bəydir və Tiflisə də bir ərizə yazıb göndərdi ki, Mozalana bəylik şəhadətnaməsi versinlər. Mozalanbəy şəhadətnaməni alan kimi bu həftə yola düşəcək və səyahətnamənin əvvəlinci məktubu on İkinci nömrəmiz çıxanadək Gəncədən gələcək və həmin nömrədə çap olunacaq. (İdarədən) Mart ayının 14-də Gəncəyə getmək niyyəti ilə gecə saat on birdə faytona minib gəldim Tiflis vağzalına. Hava soyuq idi və yağış yağırdı. Faytondan enib şeyləri verdim “nasilşikə” və daxil oldum əvvəlinci klasın zalına. Gözəl-gözəl xanımlar əfsərlərlə qol-qola verib gəzirdilər və söhbət edirdilər. Qeyriləri, kimi oturub çay içib çörək yeyirdi, kimi şeylərinin yanında əyləşib maşını gözləyirdi. Zalın küncündə bir neçə müsəlman gözümə sataşdı: bunlar əmmamələrini dəsmala büküb qoymuşdular başlarına ki, çirklənməsin və tozlanmasın. Şeylərini zalın küncünə yığıb və özləri də şeylərin üstündə oturub, mat-mat baxırdılar camaata. Bunların bir məni müsəlman görüb ucadan çağırdı: – Ay müsəlman qardaş, sən Allah, bir gəl bizim yanımıza. Mən yavuğa gedib salam verdim. Məni çağıran əlli, ya əlli beş yaşında bir qoca kişi idi. Qalan üç nəfər molla da bu sinnə yavuq idilər. Məni çağıran, əlində papiros, məndən soruşdu: – Bakıya maşın nə vaxt yola düşür? Mən cavab verdim: – Gərək İndilərdə gedə. Bu hində bir zəng səsi gəldi və adamlar başladılar qaçışmağa. Məlum oldu ki, bilet almaq vaxtıdır. Camaat hücum çəkdi kassanın qabağına. Mollalar da Bakıya getmək istəyirdilər və xahiş elədilər ki, barı Gəncəyə kimi bir yerdə oturub yoldaş olaq. Mən xoşhallıqla razı oldum. Bunların biri yoldaşlarının tərəfindən və mən özüm üçün yavuqlaşdıq kassaya tərəf ki, bilet alaq. Hələ növbət bizə çatmamışdı. Mənim əmmaməli yoldaşım birdən ucadan müsəlmanca səsləndi: – Allah xatiri üçün bizi məəttəl eləməyin, yoxsa maşın çıxıb gedər. Mən buna yavaşca dedim: – Ağa, səbr eylə, hələ vaxta var və bizə növbə yetişməmiş bilet verməzlər. Jandarma molladan narazı olub, gəlib yapışdı çiynindən və ədəblə rusca bir söz dedi. Mən elə qandım ki, deyir çığırma. Növbət az qalmışdı çatsın bizə. Qabaqda ancaq bir qoca rus arvadı pullarını sayırdı ki, versin biletinə. Gördüm ki, rəfiqim molla, rus arvadının şlyapasının üstündən İki dənə qırmızı onluğu kassaya uzadıb səbirsizliklə deyir: – Tez ol, Bakıya dörd bilet ver. Kassadan bir cavab olmadı. Axır rus övrəti də rədd oldu. Kassada bilet satan 35-40 yaşında bir rus arvadı mollaya dedi: – Dvadsat rubley çetır bilet Baku nelzya. Elə qandım ki, deyir “Bakıya 20 manata dörd bilet olmaz, gərək 28 manat verəsən”. Molla istədi acıqlansın, bilet satan mollanı qoyub, əlini uzatdı mənə. Bir beşlik verib biletimi və pulun qalanını aldım və istədim mollanın əhvalını yoxlayam, amma bir tərəfdən jandarmanın bizləməyi və bir tərəfdən də dalda duran camaatın basmağı bizi vadar elədi ki, adamların içindən çıxaq. Genə zəng çalındı və genə qaçışma düşdü və bu qışqırıqda mollaları, doğrusu, itirdim və şeylərimi nasilşikə verib çox zəhmətlə dəmir yol qatarının İkiminci klaslarının birində özümə bir yer tapdım. Bir balaca daxmaya doqquz, bəlkə də on adam dolmuşdu. Nasilşik şeylərimi bir küncə qoyub məndən yarım manat alıb getdi, amma oturmağa mənə yer olmadı. Vaqonun dalanından bir az ayaq üstə durub, axırda adamlar yatıb səslərini kəsəndən sonra bir qoca rusun ayaqlarının bir tərəfinə yanımı qoyub oturdum. Bizim daxmamızda danışan yox idi. Amma dalanda İki kişi rusca danışırdılar. Mən belə qandım ki, bunlar palitkadan danışırlar. Çünki hərdənbir sözlərinin arasında “fransuz”, “Anqliya” ləfzlərini eşidirdim. Hələ deyəsən “tatar” sözü də qulağıma dəydi, amma heyif ki, qana bilmirdim. Dalandan bir adam keçirdi, mən buna diqqət eləmədim, amma mənim yanımdan keçəndə guya öz-özünə dedi ki, “burada da yer yoxdur”. Bunun yoldaşı da var imiş. Çox yuxum gəlirdi və bir az başladım mürgüləməyə. Birdən daxmamız işıqlandı və “bilet” sözü eşitdim. Biletləri qayçılayıb keçdilər və mən genə başladım mürgüləməyə. Maşın dayandı və yenə uzaqdan üşkürükləyib yola düşdü. Vaqonumuzun o başında bir əmcək uşağı hərdənbir ağlayırdı. Rusca danışanlar dəxi dinməyirdilər. Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı. Bəlkə bunlar heç xəyal eyləməyirdilər ki, burada müsəlman olar. Bunların belə danışığı hərdənbir qulağıma çatırdı: “Meyitini görüm”, “sən öləsən”, “amma köpək qızı maldır ha”. Istəyirdim yenə mürgüləyəm, bir kişi, əlində fanar, gəldi otağı dolana-dolana xəbər verdi: “Yelzavetpol, bilet”. Biletləri yığıb apardı və bir az keçəndən sonra maşın fısıldayıb dayandı. Bura Gəncə imiş. Şeylərimi nasilşikə verib özüm də onun dalınca daxil oldum əvvəlimci klasın zalına. Zalda çox adam var idi: övrət, uşaq, kişi, çinovnik. Biri öz şeylərinin üstündə əyləşib mürgüləyirdi, biri çay içirdi, biri uşaq yatırdırdı. İki çinovnik kənarda əyləşib qabaqlarında bir şüşə pivə xəlvət söhbət edirdilər, amma heç kəsdə mən Tiflisdə gördüyüm iztirabı görməyirdim, heç kəsin kassa ilə, biletlə işi yox idi. Təəccüb elədim, dedim məgər bir belə camaat hamısı Tiflisə gedir? Necə ola bilər ki, heç bir-İki nəfər də Bakıya gedən olmasın? Ətrafa göz gəzdirdim ki, görüm bir nəfər müsəlman tapa bilərəmmi ki, ondan camaatın burada belə xatircəm oturmağını biləm. Gördüm bir nəfər qəzet şkafının yanında durub əlində bir qəzet vərəqləyir və qəzetdə çılpaq-çılpaq övrətlər şəkli çəkilib! Qəzetəni vərəqləyincə “pəh-pəh” “afərin, nə lətifdir” sözlərini deyir və ağzının İki yanından su axır. Yaxınlaşıb soruşdum: – Qardaş oğlu, bu camaat buraya nə üçün yığışıb, Tiflisə gedəcəklər, ya Bakıya? Dedi: – Gəncəyə gedəcəklər. Dedim: – Bəs bura haradır? Cavab verdi: – Görünür sən xamsan, vağzalla şəhərin arası üç verstdir. İndi də ki, saat dörddür, hələ işıqlanmayıb, ona görə camaat gözləyir ki, gün çıxsın, sonra faytona minib şəhərə getsin; yoxsa kim bilir dünyanın işini, adam buradan şəhərə gedincə başına İki min oyun gələ bilər. Dedim: – Bəs onda siz yəqin mənə də məsləhət görməyəcəksiniz ki, gün çıxanadək şəhərə gedim. Dedi: – Heç məsləhət deyil, əyləş, özünə bir-İki saatlığa bir məşğuliyyət tap. Ya çay istə, ya qəhvə istə, ya belə-belə qəzetlərdən al vərəqlə. Dedim: – Axı rusca savadım yoxdur. Dedi: – Neyləyirsən savadı, məgər mənim savadım var? Budur bu qəzetəyə məndən İki şahı pul alıblar, üstünün böyük yazılarını güclə, hıqqına-hıqqına bir tövr oxuyuram, onun da mənasını anlamaram, burada yazılıb “şutyonok”, İndi Allah bilsin nə sözdür, ancaq kimdir qəzetin adına baxan, dadına bax. Gör necə bədənlər çəkiblər, İndi başına daş düşmüş müsəlman belə surətləri görüb dinindən dönəndə deyirlər: “dəli olub”. Mən ölüm, rəfiq, bir bu buxağa bax, gör heç ömründə belə şey görübsən? Gördüm rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim: – Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı? Dedi: – Çox gözəl müsəlman “qəsdin”ləri var: “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız. Mehmanxanaların adını bilib, çəkilib kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər. Xülasə, sübh açıldı, nasilşİki oyadıb dedim: – Şeyləri götür, apar faytona. Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca. İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşİkim “fayton” – deyib qışqıranda br erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub altı şahı məndən zəhmət haqqı alıb “spasibo”, yəni “çox razıyam”, ya “çox sağ ol” – deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç dəfə bərk dartıb sonra qamçı ilə İki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola düşdü. Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər. Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə. Kimi odun satır, kimi qalır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır. Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi, kömür satandır. Yerdə qalan baqqal, əttar və parçaçıdır. Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər çinarın üstündə İki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox adam bir yerə cəm olub, ortalıqda İki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim: – Dayanma, tez ol sür. Faytonçu soruşdu: – Bəs haraya düşəcəksən? Dedim: – Sür müsəlman qəsdinlərinin birinə. Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə çönüb bir qədər gedəndən sonra bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi. Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur. Bir yerdə xeyli məktəb uşaqları və camaat yığılıblar mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir. Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafişərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər...” Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur. Dedim: – Ağa, bu kimdir? Dedi: – Elə belə, sənin nə işin var, balam?! Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar. Dedim: – Niyə gedib oturmursunuz? Dedilər: – Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar. Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, İki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi... hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi. Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir. Dedim: – Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur. Dedi: – Bircə de görüm altıaçılanı tanıyırsanmı? Bir də gördüm vaxt keçir, getdim yatmağa. Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı: “Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum: – Kimsən? Gördüm deyirlər: – Içəri girməyə izin var? Dedim: – Hər kəssən, buyur. Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu: – Salaməleyküm. – Əleykəssalam! Sonra balaca şəxs başladı məndən üzr istəməyə: – Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən. Soruşdum: – Bəs sən kimsən? Dedi: – Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər. Dedim: – Çox əcəb, seyid də mehmanxana saxlarmı? Gördüm seyid pozuldu. Dedi: – Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir? Dedim: – Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, eyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan! Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu: – Bir şeyə meyl edəcəksiniz, ya nə? Dedim: – Bir qədər xörək göndər. Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu. Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi: – Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə hara, Şam hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, İndi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on İkinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük. Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi. Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi: – A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan? Dedim: – Sən elə məsələlərə əl uzatma, ancaq bunu bilginən ki, bu saat bəyəm, özüm də çox nəcib. Kufə Ərəb Iraqının məşhur şəhərlərindən olmuş, Fərat çayı qollarından birinin üzərində idi. İndi bir kənd vəziyyətindədir. Şam – Suriyənin köhnə adı. Bunun mərkəzi olan Dəməşq şəhəri bu adla adlanırdı. Burada “Kufə hara, Şam hara” məfhumu bir şəxsin gözlənilməyən yerdə görünməsi mənasında işlənir. Məşədi Həsən inanmayıb dedi: – Səndən bir neçə sual edəcəyəm, onlara cavab versən, onda bilərəm ki, həqiqət bəy olubsan. Dedim: – Buyur. Məşədi Həsən soruşdu: – Əvvəla, əgər sən bəysən, bu nömrələrdə nə işin var? Dedim: – Bəs haraya düşüm, qürbətə gələn nömrəyə düşməz, haraya düşər? Dedi: – Bəysən, buralardakı gözəl qəsdinlərin birinə düş: “Sentralni” var, “Peterburq” var. Bəy də müsəlman nömrəsinə düşərmi? Bu mənim əvvəl sualım, İndi qalan suallarıma cavab ver. Dedim: – Buyur. Məşədi Həsən başladı soruşmağa və mən də ona bir-bir cavab verdim. Məşədi Həsən: – Kənkanlıq bilirsənmi? Mən: – Necə kənkanlıq? Məgər bəy kənkanlıq edər? Məşədi Həsən: – Yəni özgələrə quyu qazmaq əlindən gəlirmi? Mən: – Necə özgələrə quyu qazmaq? Başa düşməyirəm. Məşədi Həsən: – Qoy açıq deyim. Danos verib ev yıxmaq bilirsənmi? Mən: – Xeyr, bilmirəm. Məşədi Həsən: – Əlbəttə öyrən. Yoxsa bəyliyin dürüst olmaz. O biri sual: – Neçə borcun var? Mən: – Allaha şükür, bir kəsə bir quruş verəcəyim yoxdur. Məşədi Həsən: – Bu da olmadı. Şərab içirsənmi? Mən: – Xeyr, heç anadan olandan dilimə dəyməyib. Məşədi Həsən: – Bu da olmadı. Danos bilməzsən, borcun yox, şərab içməzsən, bəs nə günün bəyisən, a mənim başıma daş salasan? Bunlar hamısı getsin cəhənnəmə, barı boz paltonun varmı? Mən: – Necə boz palton? Məşədi Həsən: – Əlbəttə, özünə bir boz palton tikdirsən, gümüş piləkli boyunluğunun qabağında qırmızı mahud olsun, özün də usta Kalusə tikdirəsən, çünki o kişi bəy paltonu tikməkdə çox mahirdir. Məşədi Həsən bir az da məzəmmət elədi. Gördüm gözüm yumulur və mürgüləyirəm. Dedi: – Deyəsən yol səni yorub, yuxun gəlir. Gedim evə, sən də bir az yat, axşam gələrəm söhbət elərik. Mən Məşədi Həsəndən təvəqqe etdim ki, bir-İki gün zəhmət çəkib Gəncəni mənə göstərsin. Əlini gözünün üstünə qoyub “gözüm üstə” deyib getdi. Məşədi Həsən gedəndən sonra uzandım təxtin üstünə. Bir neçə vaxt gözümə yuxu getmədi, xəyalət məni götürdü. Öz-özümə deyirdim: “A kişi, bu bəyliyin nə ağır vəzifələri var imiş, bilsəydim, əslən özümü dolaşdırmazdım”. Bu xəyalətlə axırı yuxuladım. Bu gün cümə günü olduğuna görə Şah Abbas məscidinə getdim. Məscidin ətrafında çoxlu hücrələr gördüm. Bunların yarısı təzə tİkilmiş idi. O biri yarısı köhnə zamandan qalma idi. Bir nəfərdən xəbər aldım ki, bu təzə hücrələr nə üçündür? Dedi: – Deyəsən qəribsən, bilmirsən? Dedim: – Bəli. Dedi: – A başına dönüm, din-məzhəb aradan çıxıbdır. Ata-babamız qoyan qaydanı buraxıblar, İndi buranı tİkiblər, adını da “məktəbi-ürfan” qoyublar, deyirlər gərək uşaqlarınızı gətirəsiniz, burada oxusunlar. Heç görünübdürmü ki, uşaq stul üstə oturub dərs oxusun? Düyməli Dedim: – Əmi, adın nədir? Dedi: – Qulamın Əliəkbər. Mənə məşhur “mömin” və müqəddəs deyərlər. Gəzə-gəzə o biri hücrələrin qabağına getdim. Gördüm burada çoxlu mollalar var. Bir nəfər də hücrənin qabağında durub baxır. Dedim: – Qardaş, bura nədir? Dedi: – Molla fabrikasıdır. Bunu deyib getdi. Bu halda içəridən bir molla çıxdı. Bundan xəbər aldım ki, siz bura nəyə yığılıbsınız? Dedi: – Molla olmaqdan ötəri. Bu sözü deyib ah çəkdi. Dedim: – Balam, niyə ah çəkdin? Dedi: – Keçən günlər yadıma düşdü. Dedim: – Necə məgər? Dedi: – İşlər günbəgün çətinləşir. Ha bir yandan bağırırlar, mədəniyyət olduqca işlər asan olacaqdır. Amma mən görürəm ki, bu yalan sözdür. Keçmişlərdə birisi gəlib bir on beş gün qalıb, molla olub gedirdi. Amma İndi işi çətin eləyiblər. Gərək tamam bir il qalasan. Fəqir-füqəranın evi yıxılır. A kişi, özgə xərclər dursun kənarda, təkcə ağanın cibini doldurmaq olmur. Bundan hesabını tut. Dedim: – Səbr elə, Allah kərimdir. Buradan ötüb keçdim. Altı-yeddi hücrə gördüm. Hər birində onon beş nəfər əyləşib söhbət edirdilər. Bunların bir nəfəri molla idi. yerdə qalanları mollaya oxşamayırdılar. Bir nəfərdən xəbər aldım ki, bura nədir? Dedi: – Bura da Şah Abbasın tənbəlxanasıdır. Dedim: – Oradakılar kimdir? Dedi: – Gəncənin hacıları və məşədiləri. Dedim: – O molla nə qayırır? Dedi: – Onlara nağıl söyləyir. Hər tənbəlxananın bir nağıl deyəni vardır. Bunların qışda odunu mövqufatdan verilir, özlərinin də adları nəqibin dəftərinə düşübdür. Hər yerdə aş olsa, bunlar orda başdır. Kefləri kök, yeyib sabahdan axşama kimi burda yatırlar. Bu halda gördüm bir hücrədən ucadan oxumaq səsi qalxdı. Dedim: – Bu oxuyan kimdir? Dedi: – Gəncə mərsiyəxanlarıdır. Səsləri açılmaqdan ötrü məşq eləyirlər. Bir neçə hücrələrdə gördüm adam yoxdur. Ancaq hər birində bir nəfər molla əyləşibdir. Dedim: – Bunlar nədir? Dedi: – Bunlar da molla dükanıdır. Müştəri gözləyirlər. Gördüm vaxt keçir, getdim mənzilə. Axşam saat altıda yuxudan oyanıb samavar istədim. Nökər samavarı gətirib stolun üstünə qoydu. Çaynikə çay salıb, üstünə su alıb qoydu samavarın başına. Çay dəm alınca, mən də əl-üzümü yuyub, gəlib əyləşdim. Bir az keçmişdi, Məşədi Həsən gəldi. Məşədi Həsənlə bahəm adama bir neçə stəkan çay içdik. Sonra Məşədi Həsən dedi: – Dur gedək gəzməyə. Dedim: – Bundan sonra haranı gəzəcəyik? Dedi: – Bir az gedib Sərdar bağında gəzərik, oradan da gedərik dumaya. Bu gün orada yığıncaq olacaq, bizim dumaya baxarsan, görərsən Tiflis dumasına oxşayır, ya yox. Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb, durdum ayağa paltonu geydim, ağacı aldım əlimə, dedim. “Bismillah”. Məşədi Həsən də ayağa durdu, bir yerdə düzəldik bağa tərəf. Nömrədən çıxıb, sağ tərəfə gedib, oradan da Yaqubson küçəsinə döndük ki, birbaş Sərdar bağına və birbaş da müsəlman qiraətxanasına çıxır. Bağ gözəl bağdır: bir böyük xiyabanı var ki, İki tərəfindən uca çinarlar qalxıb baş-başa dəyib, gündüz günün işığını, gecə Ayın işığını camaatdan kəsir. Ancaq gündüz eyib eyləməz, sərin olur. O ki gecə, Allah göstərməsin, gözə barmaq dürtsən görülməz, xiyabanda, duma tərəfdən üç çıraq asıblar, çıraqlardan da heç işıq düşmür, deyirlər ki, duma buyurub ki, neftə qənaət olunsun. Bağın sair yerlərində çıraq yoxdur, ancaq göy ot və uca ağaclar adamın könlünü açır. Bunlara baxıb Gəncənin cavanlarına şükür edirdim ki, Qarabağ cavanları tək ağaclarda xəncərlərini imtahan edib, şəhəri bağsız qoymuyublar. Xülasə, Gəncənin bağı hər barədə tərifə layiqdir. Xiyabanın İki tərəfində skamyalar qoyulub ki, gəzənlər əyləşib dincəlsinlər və səyahət edən gimnaziya uşaqlarına tamaşa etsinlər. Bir az gəzib, biz də yorulub bir skamya üstündə əyləşdik. Mənim sağ tərəfimdə də üç nəfər cavan müsəlman əyləşmiş idilər. Gördüm cavanlardan biri üzünü o birilərinə tutub dedi: – A kişi, burada oturmaqdan fayda yoxdur, durun gedək bir az yellədək. O saat yoldaşları bunun sözünü təsdiq edib durdular ayağa. Üçü də getdi. Dedim: – Məşədi Həsən, yellədək nədir? Dedi: – Bu, Gəncə dilidir, yellətmək içməyə deyirlər, bunlar bu saat getdilər. “Sansusi” deyilən restorana içməyə. Soruşdum: – “Sansusi” haradadır? Dedi: – Yaxındadır, elə dumanın yolundadır. Dedim: – Amandı, məni bir oraya çək. Bağdan çıxıb əvvəl sol tərəfə getdik, sonra döndük bulvar küçəsinə, küçə ilə gedib əvvəl Çeralovun hamamı, sonra “Sentralnı” deyilən qastinsənin yanından ötüb, çatdıq “Sansusi”yə. “Sansusi” ibarətdir İki otaqdan: biri bufetdir və biri də zaldır. Həm bufetdə, həm zalda çoxlu stollar qoyulub. Stolların hamısında gördüm müsəlman cavanları əyləşib urhaura məşğuldurlar: pivə, araq, şərab Gəncə çayına dönüb. Götürhagötürün, stəkanların bir-birinə taqqıltısının səsindən qulaq tutulur. Biri deyir: məşədi filan, sənin sağlığına ha. Biri deyir: kərbəlayı filan, çox razıyam. Xülasə, çox mehribançılıq və ittihad nişanəsi gördüm. Şərab, pivə içən hamısı müsəlman və heç birisindən şkola üzü görüb obrazovaniya almaq nişanəsi görünməyirdi. Öz-özümə dedim: yazıq bunların ataları bunları şkolaya qoymayıblar ki, gedib çaxır içirlər. Əlhəmdüllah, bunlar da atalarının haqq-səyini itirməyiblər və hər gün “Sansusi”də ibadətə məşğuldurlar. “Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, İkisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum: – Bu kimdir? Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır. Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da İkinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə belədir? Dedi: – Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar; upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir ki, bir vaxtında Gürcüstan padşahı ikinci İrakliyə hame olubdur və Cahangirxan cənabları Axtaxan əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan oğlanmış. Dedim: – Dur gedək. Dedi: – Dayan görək nə danışacaqlar? İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır. Dedim: – Lazım deyil, belə cahandidə, cəngazmudəl üzvlərin danışığında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir: Bəni-adəm əzaye yekdigərənd, Ke dər afərineş ze yek cohərənd, Ço ozvi bedərd avərəd ruzqar... Bəravərənd qolamane u derəxt əz bix. Məşədi Həsən dedi: – Axır qafiyə düz gəlmədi. Dedim: – Eybi yoxdur, bunu da Sədi deyib. Dumadan mənzilə qayıdıb yatdım. Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır. Bu çay şəhəri İki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir), İmamlı (burada bir hacı Seyid Ağa Bala var), Toyuqçu (məşhur mücahid Molla Əta kişinin vətəni) və Sofulu. Ozanda olanlar gecə-gündüz yatmayıb, əllərində tüfəng, qarovul çəkirlər, çünki orada sakin olanların malı quldurlara çox şirin gəlir. Zərrabi Gəncənin Yevropasıdır: dövlət idarələri və urus qulluqçuları hamısı Zərrabidə olurlar. Əttarların ləzzəti, cuhudun evi bağlanandan bəri qaçıb. Toyuqçu və Sofulu küçələrinə gedə bilmədik, çünki yağış yağmışdı, yolun palçığından tərpənmək olmayırdı, hətta tat məscidinin qabağında bir camış arabası palçığa batmışdı. Neçə adam çalışırdı, nə camışları, nə arabanı palçıqdan çıxarda bilməyirdilər. İmamlı küçəsində ancaq hamamları gördük. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Dedi: – Xuda nə kərdə, Hacı Seyid Ağa Balanın əlinə düşərsən, evin yıxılar. Soruşdum: – Hacı Seyid Ağa Bala mənə nə eyləyəcək? Dedi: – Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona İki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini - dövlətlilərdən Bakıyadək, ya Batumadək. Iyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında İki mərtəbə barigah tikdirib. Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim: – Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək. Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular. Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun. Hamamçı dedi: Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən. – Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz. Dedim: – Allah razı olsun, elə çimmiş kimi varıq. Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı. Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə. Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər. Təəccüb etməyin ki, molla əmi, bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “Islamiyyə” nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm. Deyirəm: Ay Allah, Iranın bu şuriş vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səya- “Molla Nəsrəddin”ə işarədir Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq. Mehmanxana adıdır. Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir. hətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”. Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə. Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı? Dedi: – Çox gözəl tanıyıram, buyur əyləş. Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik. Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu: – Bağışlayın, sizi tanıya bilməyirəm. Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir. Dedi: – Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz? Ürəyim əvvəl bir gupp elədi. Dedim: – Bağışlayın, ağa, mən məşədi deyiləm. Buyurdu: – Inşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz? Dedim: – Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm. Hacı buyurdu: – Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, Iranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam. Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm. Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu: – Haraya düşübsünüz? Dedim: – “Tehran” nömrələrinə. Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa Bala daxil oldu. – Salam, Məşədi Mozalanbəy. – Əleykəssalam, hacı. Əyləşdi, bir stəkan çay içdi və sonra dedi: – Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz. Dedim: – Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-İki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm? Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir Iran paşpurtu çıxarıb dedi: – Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm. Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz. Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu: – Nə işdir? Dedim: – Dinmə, Xorasana gedirəm. Dedi: – Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı? Dedim: – Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır. Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka verdi. Məşədi Həsənlə öpüşüb ayıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz. Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli tərəfdarlarından bir xəta toxunmasın. Dilinin ucundan avara düşən: Məşədi Mozalanbəy Fit, fışdırıq. Məhəmmədəli şah. * * * Bomba Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi: – A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç! Kərbəlayi Zal cavab verərdi: – Arvad, sən hökumətin ləzzətini anlamırsan. Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-İki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik. Belə danışıqdan sonra arvad həmişə sakit olardı. – Nə deyirəm, kişi, özün bil! Bu dəfə Kərbəlayi Zalın ovqatı təlx idi. Dəftərxanada pristav çağırıb demişdi: – Kərbəlayi Zal, səndən narazıyam. Sən köhnə, dünya görmüş qorodovoysan. Bununla belə, dünən Rusiyadan gəlmiş qorodovoy, görürsən, bomba tapır, tüfəng tapır, patron tapır... həm ağasının üzünü ağ eləyir, həm özünün. Amma sən İndiyədək bir sınıq balta da tapmayıbsan. Görünür, sən ya rüşvət alırsan, yainki qocalıb zay olubsan. Əgər belə getsə, bizim bir yerdə qulluq eləməyimiz tutmayacaq. Bu sözlər bir ox olub, Kərbəlayi Zalın bu tərəfindən dəyib, o biri tərəfindən çıxdı. Axşam bikef gəldi evə. Arvad soruşdu: – Nə var? Dedi: – Heç, bir az başım ağrıyır. Arvad abguşt bişirmişdi. Gətirib qoydu kişinin qabağına. Bir-iki tikə alıb, “iştahım yoxdu” deyib yatmaq istədi. Nə qədər etdisə gözünə yuxu gəlmədi. Axır durub, bir stəkan çay içib getdi qarovula. Kərbəlayı Zal “Qanlı küçə” ilə “Zavallı” küçənin küncündə durub pristavın sözlərini fikir edirdi. Gecə yarısından bir xeyli keçmiş Kərbəlayi Zal gördü ki, usta Feyzulla nalbəndin qapısında bir kişi dayandı. Yedəyində də bir at, atın üstündə bir cüt çuval və çuvalın içində bir növ girdə şeylər. At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Kərbəlayi Zal bu keyfiyyəti görüb öz-özünə dedi: “Daha baxtımın ulduzu parıldadı. Gecənin bu vaxtında gələn girdə şey xatalı şey ola”. O saat fit çaldı, yaxındakı qorodovoy Patap gəldi. – Vot Patap, bomba rabatay! – Qde? – Dom Feyzulla bomba pirnesom. Patap Ivana xəbər elədi, İvan oqolodoçniyə, oqolodoçni pristava, pristav qala bəyinə, qala bəyi jandarmlar rəisinə. Yarım saatdan sonra usta Feyzullanın evinin qazaq, saldat, qorodovoy bürüdü. Qapını döydülər. Usta Feyzulla çıxdı, xəbər aldı: – Kimsən? Dedilər: – Aç qapını. Qapını açan tək binəvanın dili tutuldu. Birtəhər soruşdu ki, “bəs niyə buyurubsunuz?” Dedilər: – Danışma, gərək sənin evin axtarılsın! Gecə yarısı Feyzullanın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər. Heç zad tapa bilmədilər. Axırda otaqların birinə girib gördülər küncə İki çuval qoyulub. Kərbəlayi Zal çuvalları görən tək qışqırdı: – Barin, vot, vot bomba! Camaat çuvalları əhatə etdi, amma yaxın getməyə heç kəs cürət etmirdi. Deyirdilər: “İndi açılar, hamını qırar”. Yazıq Feyzullanı da qolları bağlı, bir kənarda saxlamışdılar. Feyzulla, evində bir şey tapılmadığını görüb cürətləndi və birdən səsləndi: – Ay ağalar, o çuvalların nəyindən qorxursunuz? İzin verin qollarımı açsınlar, o çuvalların içindəkini bir-bir çıxarıb sizə göstərim. Feyzullanın qolunu açdılar. Gəlib çuvalın ağzını açıb içindən beş dənə qarpız çıxartdı. O biri çuvalda da qarpızdan başqa bir şey yox idi. Səhər Kərbəlayi Zalı qulluqdan xaric etdilər. * * * Marallarım * * * Müqəddimə əvəzinə Qədim yunan mühərrirləri hər bir yazdıqları kitabı doqquz nəfər “muza” deyilən sənaye-nəfisə allahlarının birinin, yainki hamısının adı ilə başlardılar. Miladdan 322-332 il qabaq Iskəndəri-Rumi tamam Iran zəmini təsxir edib yunana mülhəq etdi. Iran neçə yüz il daha ondan sonra yunan mədəniyyəti nüfuzundan çıxa bilməyib ədəbiyyat şivələrində həmçinin yunan şivələrinə təqlid etdilər. Odur ki, hər bir fars kitabını ki, açırsan, əvvəlcə oxuduğumuz “həmdi-bihədd və sənayi-biədəd”dir, “əvvəli dəftər bənami-eyzədi-dana”... “və namixudavəndi-canafərin”... və habelə, hamısı bu qəbildən... Biz də Iran nüfuzu təhtində, şairlər demişkən, nəşvünüma tapdığımızdan bu işvədən əl çəkə bilməyib, hekayələrimizi Iran səpkisində başlayıraq. Oxucular əfv etsinlər, “Tərki-adət bu mövcibi-mərəzəst!” Xülasə... həmdibihədd və sənayi-biədəd bir yaradıcıya məxsusdur ki, dünyada insanı xəlq edib və ona danışmaq üçün dil, görmək üçün göz, eşitmək üçün qulaq, fikir etmək üçün baş, işləmək üçün əl və ayaq əta edibdir. Həmdi-bihədd və sənaye-biədəd bir pərvərdigarə olsun ki, dünyanı mənim marallarım ilə doldurub: başları Hacıtərxan qarpızı, içi nə ilə dolu? Qarpız yeyib sancı tutan şair bu xüsusda gözəl bir fərd demiş: “Qırxıq başın şəbahəti var çünki qarpıza, Oldur ki, həp içi dolu fisqü-fəsaddır”. Qulaqlar hər biri bir qarış, yaranıblar eşitməyə. Amma nə? Mərsiyə, qəsidə, mütrüb nəğməsi, Seyid Məhəmməd moizəsi, udəba təkfiri... hər biri bir çatdaq boyda gözlər... Necə gözlər? Dünyada heç bir şey görməyən, İki xalvar xörək tutan qarınları, sinə vuran, zəncir vuran, xəncər tutan əlləri, gecələr sübhədək ləhvü-ləəbə gedən ayaqları; evlərdə gözləri yolda, əlləri qoltuqda qalan arvadları. M.Ə.Sabirindir Şükür olsun Allaha, yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən Irana, Hİndistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, Irəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarım ilə doludur. Gözəl marallarım, göyçək marallarım. Hər biri bir can marallarım, hacı marallarım, kərbəlayı marallarım, məşədi marallarım,molla, rövzəxan, bəy-xan marallarım. Keçəl marallarım, qotur, bitli marallarım. Başları qapazlı, üzləri tüpürcəkli marallarım. Bu marallarımın xüsusunda bir neçə hekayə yazmaq niyyətinə düşüb, qarelərdən qüsuratımın əfvini rica edirəm. * * * Mütrüb dəftəri “Qasım əmi, dur qapını cəftələ; Qorxuram adın yazıla dəftərə”. Qasım əmi kənddə birinci şəxs idi. Neçə il yüzbaşılıq edib, axırda bir nəfər onun üstünə şər atıb ki, guya Qasım yüzbaşı rüşvətxordur. O səbəbə möhürünü və zəncirini alıblar. O da öz haqqında bu zülmü görüb acıqla götürüb bir üç yüz təbəqə ağ kağıza möhür basıb. İndi də o kağızlardan düşəndə təbəqəsini üç manatdan, beş manatdan satır. O kağızları alanlar, onların üstündə onun-bunun adına köhnə tarixlə veksildən, icarənamədənfilandan yazırlar... Mətləbdən uzaq düşdük. Bəli, Qasım əminin kənddə artıq ehtiramı var. Ondan məsləhətsiz kənddə heç bir işi görülməz. Bu dəfə kənd camaatı Qasım əmini əhatə etmişdilər. Bildim ki, bir mühüm məsələ müzakirə olunur. Yaxına gəldim; gördüm Qasım əmi bir daş üstündə əyləşib deyir: – Camaat! Biz İndiyədək dövlətin heç bir əmrindən boyun qaçırmamışıq: qızıl pulu, tüstü pulu, dinməver pulu... hamısını öz vaxtında vermişik; biyara buyurublar getmişik... Amma İndi bir dəftər gətirib veriblər mollaya. Deyirlər, gərək cəmi kənddə anadan olan uşaqlar bu dəftərə yazılsın. Dəftərin də adına “mütrüb” dəftəri deyirlər. Qardaş, bizim uşaqlarımızın adlarının o dəftərdə nə işi? Sabah da gələcəklər ki, gəlin arvadlarınızın adlarını yazdırın! Canım, rusun biri niyə mənim arvadımın adını bilsin? Doğrusu, biz bu mütrüb dəftərini qəbul eləyə bilməyəcəyik. Buna, araba ilə dovşan tutan rus deyirlər. Bu gün uşaqlarımızı dəftərə yazacaq, bir neçə ildən sonra gəlib hamısını yığıb saldat aparacaq. Biz, dübarə deyirəm, mürtüb dəftərini qəbul eləməyəcəyik. Mən qabağa yeriyib dedim: – Qasım əmi! Bu qayda hər dövlətdə var, uşaqların adlarını metrik dəftərinə salırlar ki, lazım olan vaxt hər birinin yaşı məlum olsun. Elə bil Qasım əmiyə bir güllə dəydi, ayağa qalxıb hirslə əlini döşünə çırpıb dedi: – Mən özüm mütrüb dəftəri. Hər kəsin sinnini bilmək istəyirsiniz, məndən soruşun! Bax, bu uşaq Qarğa Mələyin nəvəsidir, gün tutulan ili anadan olub. Bu uşaq ilan qırxan Səfdərin oğludur; çəyirtkə taxılları tərk eləyən ili doğulub. Bu uşaq, pişiksatan Haşımın nəvəsidir. Novruz bayramı ilə aşura bir günə düşən ili anadan olub. Bu uşaq balıqudan Cəfərin nəvəsidir. Eşşəkçi Aslan tut ağacından uçub ölən ili anadan olub. Daha kimi soruşursunuz, deyim. Mütrüb dəftəri niyə lazımdır? – Qasım əmi! Sən özün hansı ildə anadan olmusan? – Xaşal Qurbanı sel aparan ili. * * * Şikayət “Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”. Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi. Burada bir haşiyə çıxım. Siz belə güman edirsiniz ki, axundlar etdikləri vəzləri sinələrindən, yainki başlarından buyururlar. Səhvsiniz. Qoy həqiqəti bilməyənlər bilsinlər ki, bir nəfər atası rəhmətlik beş-altı yüz il bundan əqdəm götürüb bir vəz kitabı yazıb! O kitabda tamam otuz ədəd vəz var. İndi axundlar o kitabı qabaqlarına qoyub hər axşam bir dənə vəz əzbərləyib, sabahdan gəlib camaata nəql eləyirlər. Mən bu haşiyəni axundları məzəmmət edənlər üçün çıxıram. Onlar axundlara sərzəniş edir ki, heç bir təzə söz meydana çıxartmırlar. Nə eləsinlər ki, tanrı bəndələri? Başda yox, sinədə yox, təzə söz ki, yerdən çıxmaz. Axund iftarı yeyib təsbehi alır əlinə, başlayır hesablamağa: bəzzaz Palazqulaq oğlu – otuz manat, Fərə Cəfər – əlli manat, süpürgəsaqqal “Başlarını yerə, quyruqlarını göyə qaldırırlar. Guya ki, Allaha ibadət edirlər”. Rəhim - on manat, dana Bayram - on manat, körükburun oğlu - on manat, çürük Mehdi - on manat, yetim Dadaş - beş manat, cıq-cıq Fərzalı - beş manat, içgənə Kərim - beş manat, zurna Balaxanımın uşaqları – on manat, qaban Kazım bəy – bir at, ya əvəzində iyirmi manat, quzğun Səfi bəy – bir çuval buğda, keçəl Mir Heydər – bir şaqqa keçi əti... Bu növ müridləri bir-bir sayandan sonra üzünü ortancıl arvadına tutub deyir: – Ay balam, nə qədər hesab eləyirəm, altı yüz manat da düzəlmir. Bilməyirəm, necə eləyim? Mənim ümidim bu ramazan ayınadır. Buna xatircəm olub, min manatadək borc eləmişəm və nisyə mal almışam. Belə getsə, axırda acımızdan qırılarıq. Üç arvad, səkkiz uşaq. Bunlar necə dolansınlar? Keçmişdə hər ramazanda əlimə min beş yüz manatdan artıq pul gəlirdi. Bazar gəldikcə kasadlaşır, camaat dindən, məzhəbdən çıxıb, üləmaya etina eləmir. Allah evlərini yıxsın bu urusca oxuyub camaatı yoldan çıxardanların... Məscidə gedirsən – bomboş. Amma tiyatırdı, nə dağılmışdı, ağzınadək dolu! Buna nə deyərlər? Yəqin dünyanın axırı və Dəccalın xürucu yaxınlaşıb. A kişi, gör iş nə məqamə çatıbdır ki, qanqal Sadıqla kaftar Tağı da uşaqlarını uşkolaya göndərirlər. Dünən nə qədər nəsihət elədim, olmadı. Hər bir belə şeyləri gördükcə, canım od tutub alışır. Bir az müddətdən sonra, şəhərdə bir müsəlman tapılmayacaq! Axırda gərək biz də gedib hamballıq edək. Sən güman edirsən ki, mən hər gün məscidə namaz qılmağa gedirəm, vallah yox! Ciyrəim od ilə dolu, mənim qulağıma namazmı girir? Namaz hardadır? Əyilib-qalxmaqdan sivay bir şey yoxdur. Hər rükuə gedəndə ki, paçamın arasından baxıb müridləri az görürəm, ürəyim qana dönür. Evin yıxılsın qəzet yazan! Balaların qırılsın uşkola açan! Gorun od ilə dolsun tiyatır binası qoyan! A kişi, bunu Allah götürər ki, qoyun Nəsirin oğlu da bığlarını qırdırıb meydana çıxa, nədir mən tiyatırçı olmuşam. Nəsir ki, özü bir Allahdan qorxan adamdır. Pərvərdigara, birliyin xatirəsi üçün fəryada yetiş. Yoxsa dini-islam əldən getməkdədir. Bu halda axunda xəbər verirlər ki, qiraət öyrənənlər gəlib cəm olublar. Axund çətinlik ilə durub, başını bulaya-bulaya keçir o biri otağa. * * * Dəccalabad “Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd, Gəh afəti-can şüd, Gəh molla-filan şüd, Gəh qonsulu xan şüd...” Qalə movlana Fazili-Nirani əleyhəşşərbətü vəlkəbab; fi kitabi “Məcməülmüzəxrəfar”, “Əddəccalü məhbusun fi təhti Bəhrilxəzər”, yəni Dəccal, Kaspi dənizlərinin altında dustaqdır. Şəkkakə lənət! Kaspi dənizinin kənarında, Hacıtərxan ilə Ənzəli arasında bir şəhər var. O şəhərin adı Dəccalabaddır. Dəccalabadda kafir çox azdır. Əhalinin əksəri marallarımdır. Dəccalabad marallarımı İki şeydən tanımaq olar: bir qulaqlarından, bir də papaqlarından. Qulaqları yastı və bir qarış olar. Papaqlarının da ortasını qabağa geyərlər. Dəccalabad marallarım çox dindardırlar. Ilin on bir ayını ağlarlar. Odur ki, Dəccalabaddan mərsiyəxan əskik olmaz. Iran dursun kənarda. Hələ Qarabağdan da oraya mərsiyəxan gəlib çıxır. Bir vaxt Karyagindən bir nəfər mərsiyəxan gəlib orada bir ay mərsiyə oxuyub min manat pul almışdı. Axırda bir gecə cənab axundun bir nəfər dul arvada elmi-izdivacdan leksiya oxuduğunu görüb hərçənd bədgüman olub, bir qədər narahat eləmişdilər, amma sonra həqiqəti anlayıb axundu ehtiramla yola salmışdılar. Belə danışırdılar ki, mərasimi-ehtiramat əsnasında axundun İki qabırğası sınıb, papağı da yox olub. Nə eybi var. İmam yolunda İki qabırğa ilə bir papağın nə maliyyəti? Məhərrəm ayında marallarım məscid həyətində təkyə saxlarlar. Həyətin dörd tərəfi hücrələrdir. Bu hücrələrin hamısında mərsiyə oxunur. Hücrələrin qabaqlarına da yerə taxta çalınıb və taxtanın içində yüzədək içi su ilə dolu teştlər düzülüb. Hər maral teştlərin üzünü dəöpməyi özünə fərz hesab edir. Qadınlar isə teşti öpəndən sonra suyun içinə pul da salırlar. Camaat çəkiləndən sonra şeyxlər gəlib pulları yığırlar. Hər gün on beş, iyirmi manat cəm olur. Bir məhərrəmdə nədənsə neçə gün bir-birinin dalınca şeyxlər teştlərdə pul tapmırlar. Axırda məlum olur ki, ağacı qurd içindən yeyir. Hərdəm paltarını dəyişərək ilan olur. Bir gün məscidin yanından ötərkən gördüm böyük izdiham və qışqırtı var. Yumruq dolu kimi göydən yağır. Əvvəl güman etdim ki, mərsiyənin təsirindən camaat başına yumruq çırpır. Amma yaxına gəlib gördüm ki, yumruqların hamısı bir maralın başına dəyir. Belə məlum oldu ki, şeyxlərdən birisi başına çadra salıb, gəlib arvadların cərgəsinə qoşulub, onlar ilə bahəm teştləri ziyarət edir və salınan pulları da götürüb cibinə qoyurmuş. Sair şeyxlər duyuq düşüb haman maralı lazımınca islatdılar. İndi Dəccalabad şeyxləri hamısı qadın azadlığı tərəfdarı olublar. Deyirlər: “Əgər arvadlar üzü açıq gəzsələr, şeyxlər arvad libası geyib pullarımızı oğurlaya bilməzlər”. Dəccalabad belə şəhərdir. Odur ki, Dəccal bu şəhərin qarşısında dənizin təkində dustaqdır. İndi xüruci yaxınlaşdığından, onu göz dustağı ediblər və özünə də izin veriblər ki, kaspi dənizinin kənarında olan şəhərləri birbəbir gəzib özü üçün minməyə bir uzunqulaq tapsın. O da şəhərləri dolanır və hər şəhərdə bir sifətə düşüb, özü üçün minik axtarır. Məsələn, Ənzəlidə Seyid Qurqur sifətində, Lənkəranda Molla Mirzəcan ya Hacı Molla Abbasqulu sifətində. Bakıda... onu deməyə qorxuram... hər mollanın beş qoçusu var. Adamın başına bir oyun açarlar ki, pişiyə Əbülqasım deyər. Qubada Hacı Molla Baba, Petrovskidə Molla Qəvam, Dərbənddə Səməndər, Hacıtərxanda Molla Əbdürrəhim sifətində... Ulağın çoxluğundan Dəccalın gözü böyüyüb, bilmir hansının qulağından yapışsın. Günlərin bir günündə Dəccalabad marallarım məclis qayırıb qət edirlər ki, bir üsuli-cədid məktəbi açsınlar. Dəccal bu məclisdə sədarət edir. Üzünü camaata tutub deyir: “Camaat, bu məktəb bir gözəl şeydir, bəşərti ki, onun müəllimi də maral ola. Yoxsa gedib bidin, başı şapkalılardan, yainki Istanbul sünnilərindən gətirəcəksinizsə, yaxşısı budur ki, bu məktəb məsələsini büküb palazın altına qoyaq”. Marallar sədrin nitqini ürəkdən alqışlayıb qət edirlər ki, yazıb Tehrandan Şeyx Feyzullah zavodundan iki nəfər müəllim təklif etsinlər. Sonra başlayırlar ki, məktəbin adını nə qoyaq? Biri deyir: “Məktəbi-şamatət”, biri – “Ləamət”, biri – “Nədamət”, biri – “Iftizah”, biri – “İzmehlal”... İndiki Mahaç-Qala Sədr təklif edir: “Mədrəsəyi-töhmət”. Bu ad hamıya xoş gəlib məclis tərəfindən qəbul olunur və haman məclisdə müəllimlər xüsusunda Tehrana kağız yazılır. İki aydan sonra Tehrandan İki nəfər müəllim varid olur. Iranlılar bir qəribə tayfadırlar; hər yerdə olsalar, hökmən gərək aftafaları ilə konsulları yanında olsun. Məktəb müəllimləri Iran təbəələri olduqlarından, Dəccal konsul sifətində gəlib məktəbə malik olur. May ayında konsul xəbər tutur ki, məktəbdə imtahani-ümumi düzəltmək istəyirlər. O saat məktəbə təşrif gətirib əmr edir ki, imtahani-ümuminin proqramını ona təqdim etsinlər. Müdir başlayır bir-bir oxumağa: Əvvəlinci: “Vətən – Zavallının əşarından. Konsul ilan çalmış tək sıçrayır: – Amandı, nə fikirdəsən? – Xan, necə? – Rəhmətlik oğlu, rusun qoşunu Ərdəbildə əyləşib, sən vətən sözünü dilinə gətirirsən? Bəlkə sabah gəlib məktəbi bağladılar. – Eybi yoxdur, bu dursun. İkinci: “Ayıl ey milləti-iran, oyan bu xabiqəflətdən!” – Ay xanəxərab, dayan! – Nə oldu, xan? – Xanəxərab! Rus Təbrizdə əyləşib! Sən milləti-Iran sözü danışırsan. Bundan sonra əlbəttə gərək “millət” sözü ortalığa çıxmasın! – Xub, bu da dursun. Üçüncü: Bir günü tülkü girdi bir bağa, Baxdı orada sola, həm sağa, Gördü o bağda üzüm saralıb, Konsulun bığları əcəb qaralıb. – Bax, budur ha! Belə əşardan oxut, xalq ləzzət aparsın və bir də çalış “insaniyyət”, “mürüvvət”, “həmiyyət”, “ittihad”, “namus”, “qeyrət”, “mədəniyyət”... və habelə sözlər ortalığa gəlməsinlər. – Baş üstə, xan! İmtahani-ümumi başa gəlmədi. * * * Yaşılbaş sona “Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”. Vaqif Bu iki misra məşhur şairimiz mərhum Vaqifin əşarındandır. Xan zamanında Vaqif neçə vaxt Kür qırağında qalıb, təngişməyi və vətənə qayıtmaq arzusunu bu şeirdə yazıb. Vaqifin təngişməyinə bir səbəb yaşılbaş sonaların yoxluğu olub; nə Kür tək gözəl çayın mənzərəsi, nə ətrafındakı gözəl meşələr, çəmənlər, heç biri onun ürəyini şad etməyib, ancaq yaşılbaş sona axtarıb. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış. Vaxta ki, bu əyyamda camaat bilməyir yaşılbaş sonanın əlindən başını götürüb haraya qaçsın. Yaşılbaş sonanın biri Şamaxıdan gəlib əyləşib Aşqabadda. Yazıq Aşqabad əhalisi bilməyir haraya qaçsın. Görürsən çıxır minbərə, başlayır: “Başlarını uzadanlara lənət! Üzlərini qırxdıranlara lənət! Qəzet yazana lənət! Qəzet oxuyana lənət! Bunlara lənət! Onlara lənət!..” Qırmızısaqqal, haçabirçək müridlər ağız-ağıza verib hind toyuğu tək bağırırlar: “Lənət!” Bu dəfə sonanın gözü bir üzü qırxığa sataşır. O saat rəngi üzündən qaçıb quyruğu kəsilmiş ilana dönüb qışqırır: “Nə baxırsan üzümə, bilmirsənmi mən kiməm? Mən peyğəmbərin qılıncıyam!” Belə anlayıram ki, əgər Vaqif orada olsaydı ona cavab verərdi və deyərdi: “Yalan deyirsən, sən peyğəmbərin qılıncı ola bilməzsən. Bəlkə Şimir Zilcovşənin xəncərisən! Şimir İmam Hüseynin başını bir dəfə kəsdi. Amma sən, İmam Hüseyn yolunda can verdiyi haqqı gündə bir batil edib onun başını hər gün kəsirsən”. (Məsləkdən bir az çıxmağı idarə bağışlasın. Ürək yazır, qələm yazmır). İkinci yaşılbaş sona neçə il bundan əqdəm Tiflisdə peyda olub, az qalmışdı sünnini-şiəni bir-birinə qırdırsın. Gəncə yaşılbaş sonası həmçinin. Qarabağ yaşılbaş sonası babasının qəbrini Cıdır düzündə ocaq qayırıb, özü də cadugərlik ilə Qarabağ xanımlarında istitaət qoymayıb. Təbrizdə xuliqanlıq edib boğazından asılandan nə deyim? Bakıda hürriyyəti-insan tərəfdarını təkfir edəndən nə deyim? Məşhəddə adamları kötəkləyib güc ilə pul alandan nə deyim? Təbriz yolunda müsafirlərin üstünə qarışqa tək tökülüb soyanlardan nə yazım? Yaxşı ki, Vaqif bu əyyamda yoxdur. Əsla yaşılbaş sona arzu etməzdi. Amma bir şey xəyalıma gəlir. Vaqif nə qədər arif olsa idi, yenə adı molla idi. Mollalara yaşılbaş sonaların dirisindən də olmasa ölüsündən mənfəət dəyir. Məsələn: on, on İki il bundan qabaq bir nəfər yaşılbaş sona Kərbəladan Qarabağa gəlib yekəqarın mollanın evində sakin olub bir qədər qalandan sonra vəfat edib, aparıb Mirzə Həsən qəbiristanında dəfn ediblər. Bir nəfər çayçı kişi, ləqəbi “Yıxılqo” sübh gəlib and içib camaata xəbər veribdir ki, gecə yaşılbaş sonanın qəbrində çıraq yandığını öz gözü ilə görüb. Camaat bunu eşidən tək ağsaqqal, qırmızısaqqal, uzunsaqqal, gödəksaqqal və cəmi şəhərin övrətləri hamısı tökülürlər qəbrin üstünə ziyarətə. Yekəqarın molla görür ki, bu qəbir yaxşı mədaxil yoludur. Məlum edir ki, çünki yaşılbaş sona mənim evimdə ölübdür. Onun qəbrinin təəllüqü mənədir. İndi o qəbri haman “Yıxılqo” deyilən şəxsə icarəyə verib, ildə nə qədər pul alır. “Yıxılqo” da çayçılığı buraxıb gedib həmin qəbirdə mücavirlik edir. Yaşılbaş sonanın qəbri o gündən böyük ziyarətgah olub və başdaşında bu sözlər yazılıb: Güşadə bad bələzzət həmişə in dərgah Bəhəqqi dini məişət Həmid, Mədəli şah. * * * Qiraət “Zər ki, nə dər rahi-Nataşa büvəd Bari-giranist kəşidən bə cib”. Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi-beyzası var idi. Bilirəm, bu sözləri oxuyan sual edəcək: – Məgər qarpız kəsmək də bir səliqə istər? Əlbəttə istər; böyük səliqə istər. Inanmayan, Məşədi Qulamın dükanına buyurub tamaşa etsin. Sizi inandarıram ki, əgər Məşədi qarpız kəsdiyi kimi diqqətlə ticarət etsəydi, İndi onun pulu əlli min deyildi, Sultan Əbdülhəmidə və Məmmədəli şaha işarədir. “Nataşanın yolunda qoyulmayan qızıl, cibdə gəzdirilən ağır yükdür”. yüz əlli min idi. Əgər bu diqqəti namaza versəydi, yəqin cənnət vağzalında yetmiş min huri İndidən onun gəlməyinə mintəzir olardı. Bəli, Məşədi papağını və çuxasını mismardan asıb, başında araqçın, qolları çirməkli, bir əlində bıçaq, bir əlində qarpız, kəmali-ədəblə əyləşib qarpızı əlində dolandırdı. Qarpızın saplağı tərəfini dairə kəsib, sonra dörd bölüb yerə atdı. Qatıq parçalarının İkisi qara tərəfinə düşəndə Məşədi sevİndiyindən qarpızı və bıçağı yerə qoyub, İki şəhadət barmağını bir-birinə ilişdirib “oxay, yəqin barışacaq” deyib bərk şaqqıldatdı. Mən çox istərdim ki, mənim yazdıqlarımı oxuyanlar mənim özümə də bir az bələd olsunlar; ona görə özümü oxucularıma nişan vermək istəyirəm. Cəmi oxucularıma məlum olsun ki, mən İndiyədək heç bir kəsin sirrini açmamışam. Hər kəs mənə xəlvət bir söz desə, yəqin etsin ki, o söz mənimlə qəbrə gedəcək. Inanın və etiqad edin ki, əgər İskəndəri Zülqərneynin başını qırxan dəllək mən olaydım və onun buynuzlarını görəydim, gedib quyuya da deməzdim və oradan da qamış bitib xalqa xəbər verməzdi. Mən heç kəsə deməmişəm və qiyamətədək demərəm ki, Məşədi Qulamın arvadından başqa bir Nataşa adlı aşnası da var və Nataşa üç gün bundan qabaq məşədi ilə dava edib, onu evindən qovub. Səbəb də bu olub ki, Nataşa məşədidən brilyant üzük xahiş edib, məşədi də ona yaqut üzük gətirib. Xəyal etməyin ki, məşədi bunu xəsislikdən edib. Xeyr. Məşədi Nataşanın yolunda canından da keçər. Məhz yaqutu brilyantdan gözəl hesab edib, alıb. Ancaq Nataşa yaqutdan əlavə bir brilyant üzük də almaq istəyib. Məşədiyə: “Ləin, xəsis! Sən məni istəmirsən!” deyib qovub. Bu sirri əgər mən bir adama açıb desəm, dilim lal olsun və qiyamətdə Məşədi Qulamın yanına Hacı Molla Baba sifətində gəlim. Xülasə, Məşədi Qulam yenə qarpızı əlinə alıb İki tərəfdən kəsib yerə vurdu. Qarpız İki parça oldu. Bunu da deməliyəm ki, əgər qarpızın parçalarını tərəziyə qoyub çəksəydin, biri-birindən nə bir misqal ağır, nə də bir misqal yüngül gələrdi. Bu da səliqənin nəticəsi idi. Məşədi başını aşağı salıb qarpızın parçalarını bir-bir içəri ötürməkdə idi. Bir də başını qalxızıb gördü, Nataşanın nökəri balaca rus uşağı, əlində kağız, qapıda durub. Məşədinin gözləri məşəldar pişiyin gözləri kimi şəfəq verdi; soruşdu: – Nə var, bala? Xeyir ola? – Nataşa kağız göndərib. Uşaq kağızı məşədiyə verdi. Məşədi kağızı alıb açanda ətir qoxusu dükanı başına götürdü. Sonra uşağı içəri çağırıb kağızı ona verdi və dedi: – Yavaşca oxu, qulaq asım. “Mənim əziz Maşaduşqam, o gün mən səni incitmişəm. Hərçənd təqsir sənin özündədir. Amma yenə peşman olub, səninlə barışmaq istəyirəm. Bu gecə səni gözləyəcəyəm. Əlbəttə gələrsən və əgər tapşırdığım üzüyü də gətirsən, sənin qırxıq başından üç dəfə öpüş alacağam”. Ətrafdan baxan olmasaydı, məşədi qalxıb dükanın ortasında bir “Uzundərə” oynardı. Uşağın ovcuna bir dənə kök on şahılıq basıb dedi: – Get degilən: “Xaraşo!” Uşaq cəld dükandan çıxıb getdi. Məşədi təzədən nahara şüru etdi. Amma sevİndiyindən qarpızın parçaları boğazında qaldı. Axırda barmağını da qarpızla bir yerdə elə dişlədi ki, qanı axdı. Naharı qurtarıb keçdi dükanın dalına. Lüləyindən su töküb əlini yudu və silə-silə qayıtdı: çuxasını, papağını mismardan alıb geydi; çölə çıxdı və dükanın qapısını örtüb üz qoydu birbaş cavahirfiruş Manqasarın dükanına və gedərkən ahəstə zümzümə edib oxuyurdu: “Pərişan türreyi-tərrar, gahi rast, gahi gəc, Tökülmüş qamətə oynar, gahi rast, gahi gəc!” Yolda məşədinin yadına düşdü ki, sübh üç girvənkə ət alıb və sifariş edibdir ki, əti abguşt bişirib günorta uşaqlar suyuna çörək doğrayıb yesinlər və ətini saxlayıb axşama döşəmə-plov bişirsinlər. Məşədi öz-özünə dedi: – Çox gözəl olardı ki, bir dənə də toyuq alıb göndərim çığırtma eləsinlər. Axşam plovla aparım Nataşanın qulluğunda ağız ləzzəti ilə yeyim. Və yenə deyirdi: – Allah kəssin müsəlmanın evini-eşiyini, dirliyini, səliqəsini! Gözəl xörəkləri ortalığa bir sifətdə çıxardırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan qudurub qaçar. Qaşıqlar sınıq, İki ildən yuyulmamış əl dəsmalı... Tfu! Gedirsən Nataşanın evinə, süfrə qardan ağ, çəngəl-bıçağın şəfəqindən göz qamaşır. Guya İndicə fabrikdən çıxıb. Ağ libaslı, ağ döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortalığa çıxardır. Nataşa özü paltarının ən lətifini geyib, gəlib əyləşir ustolun başında: əl patiska ağı, sifət ay parçası, tüklərinin qoxusundan adam bihuş olur... Di gəl, arvad ölmüş hər nə yarar paltarı var, geyir toya, hamama, yasa gedir. Evdə də adamın qabağında türkmən dilənçisi kimi dolanır. Üstbaşından bozbaş iyi gəlir... Xülasə, hər kəsin rus aşnası yoxdur, canının rahatlığı yoxdur. Məşədi xəyal dəryasına qərq, gedə-gedə bir də gördü ki, baron Manqasarın dükanının qabağındadır. Qapını açıb daxil oldu: – Allah saxlasın! – Allah saxlasın! Nə var, ay məşədi? Xeyir ola? – Xeyir olmamış nə var? Lənət şərə! Bir dənə yaxşı brilyant üzük lazımdır. – Tapılar, çox yaxşıları var. Məşədi, bu üzükləri almaqda deyəsən bir xeyir iş var? – Nə eləyim, bizim oğlana istəyirik bir nişan kimi taxaq. – Allah mübarək eləsin! Allah mübarək eləsin! Oğlun yaxşı oğlandır. Manqasar qutudan neçə dənə üzük çıxardıb qoydu məşədinin qabağına. Məşədi bir dənəsini götürüb soruşdu: – Bunun qiyməti necədir? – Səkkiz yüz manat. Çox danışıqdan sonra yeddi yüz əlli manata üzüyü alıb Manqasara əl verib, “salamat ol!” deyib dükandan çıxdı. Oradan gedib bir toyuq alıb hammal ilə göndərdi evə və sifariş etdi ki, cığırtma qayırsınlar. Hammalı yola salıb qayıtdı dükanına. Məşədi dükanında hərçi çalışdısa, qərarı gəlmədi. Gah əyləşirdi, gah qalxıb dükanda o baş-bu başa var-gəl edirdi. Tez-tez saata baxırdı. Saat zəhrimarın da əqrəblərini guya tutub saxlayan vardı. Axşam olmurdu ki, olmurdu. İstədi dükan qonşusu ilə politika söhbəti bina qoysun. O da baş tutmadı. Axır dükanı bağlayıb getdi hamama. Hamamda kisə çəkdirib, qüsul eləyib, namaz qılıb, saqqalına həna yaxdırıb, yatdı. Bir azdan sonra oyanıb hənanı yudurdub, rəng yaxdırıb yenə yatdı. Axşam azanına bir saat qalmış Məşədi Qulam təravətlənmiş, hamamdan çıxıb yavaş-yavaş evə gəldi. Arvad kişini mütəfəkkir görüb soruşdu: – Ay kişi, nə olub belə fikirdəsən? – Nə olacaq, başıma daş düşüb, əməyim, zəhmətlərim, ibadətim hamısı zaye olub getdi. Kişi evi dağılmış fikir etməyib, nə eləsin? Bu gün Molla Sadıq gəlmişdi dükana. Deyir: “Məşədi, qiraətini bilirsənmi?”. Dedim: “Xeyr, bilmirəm”. Dedi: “Bəs bu yaşa çatıbsan, hələ qiraətini də bilmirsən, ay bədbəxt? Vay sənin halına! Sən də behişt arzusundasan? Əgər qulaqlarının dibini görsən, behişti də görərsən. Xanəxərab, nə fikir edirsən? Canına yazığın gəlsin, cəhənnəmin odundan qorx”. Deyir: “Qiraətsiz yüz il namaz qılsan, bir qara qəpiyə dəyməz, sənə ancaq boş yerə əyilib-qalxmaq qalacaq. İndi rəmazan yaxınlaşır. Axşamlar gəl bizim evdə qiraət öyrən! Bəlkə bu rəmazanı qayda ilə tövbə edib, namaz qılasan, günahın bağışlana”. İndi əlacım yoxdur, arvad, gərək bu axşamdan başlayıb neçə gün gedim axund evinə, qiraət öyrənməyə. Bir qab yaxşı plov çək, çığırtmanı da qoy yanına, faytonda aparım axundun qulluğuna, orada bahəm yeyib, qiraətə məşğul olaq. Arvad plovu çəkib, bir podnosa qoyub və saçaqlı bir örtüyə büküb verdi məşədiyə. Məşədi isə plovu faytona qoyub, birbaş çapdı Nataşanın mənzilinə. Ürəyi atıla-atıla qapının zəngini basdı. Qulluqçu cəld qapını açdı. – Barina doma? – Doma! Nataşa məşədinin səsini eşidib yüyürdü qapıya, əlindən tutub, çəkdi birbaş yatacaq otağına... Plovu da qulluqçu apardı mətbəxə. Nataşanın məşədiyə ilk sualı bu oldu: – Gətirdin? – Gətirdim! – Ver buraya! Məşədi üzüyü cibindən çıxarıb təqdim elədi. Nataşa üzüyü görüb, şadlığından atılıb-düşüb, məşədini üç dəfə başından, neçə dəfə saqqalından öpüb, üç dənə öpüş də özü ona verdi. Şamdan sonra məşədi əyləşmişdi divanın üstünə, Nataşa da uzanıb başını onun dizinin üstünə qoyub, ona qiraət öyrədirdi: – Deyinən lyublyu! – Loblu! – Lyublyu! – Loblu! – Lyublyu! – Loblu! Hər nə qədər Nataşa səy edirsə, məşədiyə “lyublyu” (yəni sevirəm) sözünü öyrədə bilmirdi. * * * Sübh məşədinin arvadı yatmışdı. Ayaq səsləri eşidib gözlərini açdı, gördü məşədidir. Ayağı ayağına dolaşaraq bir para sözlər danışır, bir ucdan deyir: – Vələzza... vələzza... vələzza... Arvad qorxub güman etdi ki, kişinin başına hava gəlib, soruşdu: – A kişi, nə danışırsan? – Dinmə, arvad, vələzza... vələzza... vələzza... – A kişi, sən Allah, bircə de görüm, nə söyləyirsən? – Arvad, qoymazsan qiraətimi öyrənim? Bu gecə sübhədək çalışmışam. “Əlhəmdü” surəsini tamam öyrənmişəm. İndi nə qədər eyləyirəm, “vələzzalin” çıxmır... vələzza... vələzza... – A kişi, bircə gəl yat, yuxunu alandan sonra öyrənərsən! Arvad məşədini güclə soyundurub yıxdı yerə. Məşədi yerə girən kimi getdi yuxuya. Kişi yatandan sonra arvadın yadına düşdü ki, günortaya bişəsi xörəyi soruşmadı. Yavaşca gəldi ərinin yanına: – Məşədi, məşədi! – Hımm!.. – Günortaya nə bişəcək? – Loblu... loblu... – Nə deyirsən? – Loblu... loblu... Günorta zamanı məşədi yuxudan ayıldı. Soruşdu: – Arvad, nə bişirmisən? Cavab verdi: – Lobyalı qovurma. Özündən soruşdum, dedin lobyalı! Mən də lobyalı bişirdim. – Hə, qoçağım arvad, yaxşı eləyibsən. Məşədi lobya qovurmasını yeyib, dəstəmaz alıb, cümə günü olduğuna görə getdi məscidə, camaat namazına. * * * Şəbih “Ey dad Şimr əlindən Fəryad Şimr əlindən! Köpək götürdü qaçdı Bir cad Şimr əlindən”. Məhərrəm ayının iyirmisi və ya iyirmi İkisi idi, xəyalımdan çıxıb. Oxucuların da əhvalına təfavüt eləməz... Nahardan sonra çıxıb özümü yelə verirdim. Xəstəxananın yanından bir şəxs çıxdı. Üzü sarıqlı, qoltuqlarında İki çəlik, qarğa kimi hoppana-hoppana mənə tərəf gəlirdi. Yaxınlaşanda Ağayi Füzulüzzakirini tanıdım ki, qabaq mənimlə aşna idi və neçə dəfə səyahətdə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən, bayatı-qacarları ilə ləzzəti-ruhani veribdir. – Ağa, olmasın azar, bu nə halətdir sizdə görürəm? Cavab verib dedi: – Ayaq üstündə dura bilmirəm. Keyfiyyətim uzundur. Məni öz mənzilinə apar, orada söhbət edərik. Ağanı faytona mİndirib gətirdim evə, dedim samavar hazır etsinlər. Özümüz keçdik otağa. Ağa buyurdu ki, samavar yaxşı şeydir, amma mümkün olsa idi bir az başqa boğaz isladan verəydin, bəd olmazdı. Ərz etdim ki, bitədarükəm, inşallah gələn dəfə düzələr. Ağa papiros çıxardıb, yandırıb, İki yanıqlı qullab vurandan sonra bir ah çəkib dedi: – Evim yıxıldı. Bu il mədaxildən düşdüm, yaxşı qazancım olacaq idi, Allah vermədi. Yəqin məsləhət belə imiş! Dedim: – Bunlar hamısı ötüşər, insana cansağlığı lazımdır. Yaxın əyləş, söhbətini başla! Ağa özünü yaxına verib bir öskürdü, sonra başladı hekayəti: – Ərz olsun sizin xidməti-şərifinizə, bu il bizim Ərdəbil şuluq olmağına binaən vaxtında özümü buraya yetirə bilmədim. Özünüzə məlumdur ki, mən də həmişə məhərrəm ayına bir ay qalmış Qafqaz məmləkətinə gəlirəm və vaxtında, oxumalı məscidləri müəyyən edirəm. Ona görə də Allah mömin qardaşlara bərəkət versin, ildə beş-on şahı qulbeçələrimə çörək pulu aparıram. Bu il məhərrəm ayına ancaq on gün qalmış Badkubəyə varid oldum. Təkyələri bir-bir gəzib, gördüm hər yerdə mərsiyəxan tutulub. Getdim Gəncəyə, olmadı. İstədim Irəvana, Naxçıvana tərəf gedim, məsləhət görmədilər; dedilər: “Gedərsən Molla Mahmud Çakərlə Şahtaxtılı oğlu o qədər vurarlar ki, bir belə də şişərsən”. Çox fikir edəndən sonra dedim: yenə Dəccalabad yaxşıdır. Oranın əhli həm mömİndirlər, həm mərsiyəxana ehtiram edirlər. Gəldim çıxdım Dəccalabada. Məscidlərə getdim, mərsiyəxan hazır, təkyələrə getdim, həmçinin. Axtarıb bizim Molla Nəbiqulunu tapdım ki, çoxdan Dəccalabadda müqimdir. Ərbədildə arvadı ilə dalaşıb, dörd uşağı ilə qoyub gəlib. Dəccalabadda İki arvad alıb. Biri iranlı, o biri həmin yerli. Yaxşı oğlandır, allah öz pənahında saxlasın Dəccalabadda əmələyi-movtadan hesab olunur. Çox danışdıqdan sonra Nəbiqulu məsləhət gördü ki, onunla birləşib Dəccalabadın meydanında şəbih çıxardaq. Baxdım gördüm ki, bu da bəd deyil. On üç gün şəbih çıxartsaq, azından altı-yeddi yüz manat ələ gətirmək olar. Mən də razı oldum. Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi. Başladıq şəbihi: “Vəfati-Səkinə”, “Tiflina-Müslim”, “Ricəti-üsəra” və sair müsibətlərdən gətirirdik. Yığılan cəmiyyəti görsəydiniz, təəccüb edərdiniz ki, pul göydən yağış kimi yağırdı. Bu minvalla məhərrəmin doqquzunu başa verdik. Onuncu günü şəbihi şəhərin ətrafında, bir böyük kəndin yaxınlığında çıxarmağa başladıq ki, kənd əhalisi də feyzyab olsun. O qədər camaat yığışmışdı ki, iynə atsaydın yerə düşməzdi. Molla Nəbiquluya dedim ki, bu dəfə sən Cəbrayıl şəbihi olacaqsan. Bir uca ağacın baş budağına bir yeşiyi kəndirlə möhkəm bağlayıb Molla Nəbiqulunu əyləşdirdim yeşiyin içində və tapşırdım ki, İmam şəbihini şəhadətə yetirəndə ağacın başından uca səslə “qütiləl Hüseyn” deyib qışqırarsan. Özüm də bir sarı qoyun dərisindən tikilmiş kürkü tərsinə geyib bir damın içində gizlənmişdim ki, “İmamı” şəhadətə yetirəndən sonra gəlim meydana. Şəbih başlandı. Əgər desəm qiyamət bərpa olmuşdu, inanın. Nəinki camaat, yerlər, göylər, ağaclar... hamısı, deyə bilərəm, səs-səsə verib nəvayə gəlmişdilər... Damın içindən baxıram, gözlərimdən yaş sel kimi axır. Şühəda bir-bir gəlib şəhid oldular. Axır növbət yetişdi İmam Hüseyn şəbihinə. Bu şəbih əlində qılınc meydana girəndə camaata bir vəlvələ düşdü ki, dil nəql etməkdən acizdir. “İmam” şəbihi şəhadətə yetəndə qulağımı verdim Nəbiquluya tərəf. Dedim: İndi “qütiləl Hüseyn” səsi oradan gələndə camaatın yarısı bihuş olub özündən gedəcək. Bir də eşitdim bir şey top kimi partladı, camaat bir-birinə qarışdı. Qorxub başımı damdan bir az eşiyə çıxartdım ki, görüm nə əhvalatdır. Gördüm yeşiyin ipi qırılıb. Molla Nəbiqulunu yeşiklə bərabər ağacdan uçub; düşüb Qasım otağının üstünə. Otaq əzilib, Molla Nəbiqulu “vay öldüm” deyib zarıyır. Camaat Molla Nəbiqulunu bir evə apardılar. Bir də eşitdim: bir ağsaqqal kişi qışqırır: “Atana lənət, ay İmam təziyəsinə şuluqluq salan!” Camaat sakit oldu. Hər kəs çəkildi öz yerinə. Növbət mənə yetişdi ki, damdan çıxıb dörd əl-ayağımın üstündə meydana gəlim. Damla meydanın arası bir əlli qədəm olardı. Damdan, əynimdə tərs kürk, heyvan sifətində çıxan kimi kəndin bir sürü itləri tökülüb üstümə başladılar məni dartışdırmağa. Axır neçə nəfər əliağaclı gəlib məni itlərin ağzından qurtardılar və haraya gəlincə itlər məni bu gördüyünüz halətə saldılar. O vaxtdan xəstəxanada yatıram. Aldığım pulların çoxusu xərc olub. İndi Allah bilir, nə vaxt sağalıb vətənə qayıdacağam. Ağa sözünü qurtardı. Qulaq asıb dedim: – Türk məsəlidir: “Dost yolunda çovğun olar, qar olar”. Nə eybi var, İmam yoludur; İmam özü fəryadına yetər. Ağa “Allaha pənah” – deyib çay içməyə başladı. * * * Pir “Qurban olum pir sana! Nə yatıbsan, dursana!” Mirzə Cavad bərk yorulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək. Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə İki-üç kitab, bir qələmdan, neçə varaq kağız,əyləşib müştəriyə müntəzirdirlər. Bu mirzələrin müştəriləri əksərən İran hambalları olar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar, dua və cadu yazdırarlar... Irəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm. Söz yoxdur ki, ticarətin mədaxilinin qədəri bağlıdır müştərinin azçoxluğuna. Həmçinin bu mirzənin də mədaxili gündə bir abbası ilə bir manatın arasında dolanırdı. Mirzə Cavad da bu mirzələrdən idi. Mirzə Cavadın bir oğlu var idi: iyirmi üç-iyirmi beş yaşında, adı Əhməd. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Hər gün sübh gedib gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlardı. Elə görərdin deyir: “Rejotuza sredino”, “uqol desyatovo”, “rəhmətlik oğlu, sən ki oyunçu deyilsən, odunçusan! Utanmırsan, mən tək hərifin qabağına çıxırsan?”... Bu növ hədyanatdan sübhədək danışıb, sübh durub çay içməmiş gedərdi. Əhmədin, doğrudan da, özünə hərif deməkdə haqqı var idi; doğrudan da, bilyard oynamaqda məharət yetirmişdi və şəhərdə də oyunçular arasında şöhrət qazanmışdı. Əhməd çox pul udardı. Amma hamısını xərc edib evə bir qəpik gətirməzdi. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi. Arvad bir stəkan çay töküb mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin altı göyərmiş, burnu qanamış, çuxasının bir qolu yox, paltar başdan-ayağa tabaşirə bulaşıq, xülasə, xubunca döyülməyin hər bir nişanəsi zahirdə. Anası oğlunu bu sifətdə görüb soruşdu: – A bala, bu nə kökdü düşübsən? Mirzə Cavad arvadın səsinə geri dönüb oğlunun halətini görüb başladı söylənməyə: – A məlun, ay xəsərəddünya vəlaxirə, bu nə sifətdir? Məgər başına peşə qəhətdir? Məgər Allah buyuran peşələrin birisinin dalınca gedə bilməzsən? Heç utanmırsan ki, səni üçdə bir, beşdə bir bu günə salıb mənim üstümə göndərirlər? Bir boyuna bax, məndən utanmrsan, taytuşundan həya elə. Xülasə, Mirzə Cavad o ki deməli idi, oğluna deyib, ürəyini boşaltdı. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi: – Əlbəttə, adam ki kasıb oldu, onu döyərlər də, söyərlər də. Adına divanə də deyərlər. Mənim pulum olsa, bir beş qoçu da mən saxlaram. İnsafdır ki, Hacı Rəsulun oğlu kimi it məni döydürsün? Təqsir onda, amma döyülən mən! Sən Allah, bir qulaq as! Şarı naznaçit eləyib uqola, şar gedib sredinaya düşür. Şarı götürüb deyir: “Elə mən sredinaya naznaçit eləmişdim”. And içdim, şahid göstərdim, markyordan xəbər aldım. Heç birisinə qulaq asmayıb dedi: “Elə belədir ki, belədir”. Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Elə onu dediyimi gördüm. Birdən üstümə bomba kimi partladı: “Adə, Prişkeviçin oğlu! Sən mənə yaman deyirsən?” Cinim vurdu başıma, yaxasına əl atan kimi üstümə İki qoçu düşdü. Onlar üç, mən tək. Məni bu kökə saldılar. İndi mən bir dövlətli kişinin oğlu olsa idim, Hacı Rəsul oğlunun ağzı nə idi mənim yavığıma gələ bilə idi. Əgər qoçular olmaya idi, ona elə qapaz ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı. Atası xəbər aldı: – Ay oğul, Poroşdoviç dedin, nə dedin, o nə sözdü? – Nə bilim nə sözdü. Yaxşı söz olsa öz atasına deyər. Soruşdum, dedilər ki, bu təzə rus söyüşüdür. Mənim bu kökə düşməyimin səbəbi bax mənim bu ocaq qırağında uzanıb yatan atamdır. Mirzə Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsa idi, belə cəld sıçramazdı. Üzünü oğluna tutub dedi: – A gədə, a zındıq oğlu zındıq!.. Gündə bir dəfə səni it kimi döyəcəklər, təqsir məndə olacaq? – Hə, gündə bir dəfə məni it kimi döyəcəklər, təqsir səndə olacaq. Həştad yaşın var, hanı sənin dövlətin? Tay-tuşlarının hərəsi bir kişi olub meydana çıxıblar. Sən elə yüz ildir, gözünü bir qələmdan ilə bir kitaba dİkibsən. Heç ölürsənmi? Sənin üstündə Nağının oğlu Musa gəldi milyoner oldu. Arabaçı Şəmsinin evinə Buxara əmiri qonaq gəlir. Hacı Zeynalabdin gündə İki şahıya çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabağı əvəzinə yaranal poqonu taxır. Axır bunların hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavodların, beşmərtəbə evlərin? Kişi dedi: – Ay balam! Məni basıb yeməyəcəksən ki? Onlara Allah verib, mənə verməyib, davan var, get Allah ilə elə. Dövlət ki, yerin deşiyindən çıxmaz. Bu söz Əhmədi daha da hirsləndirdi: – Bəs bu dediyim adamların dövlətləri göydənmi yağıb? Hamısının dövləti yerin deşiyindən çıxmayıb, hardan çıxıb? Şüurun ola idi, vaxtında xalq tutan yerlərdən bir beş desyatin də sən tuta idin, İndi də bir kişi ola idin. Mirzə Cavad cavab verib dedi: – Ay oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən bir az da özünə eləyəsən? Yer deşiyindən pul çıxartmaq asan isə, get sən də çıxart. Pul qazanmaq şüur, fərasət istər isə, səndə də olsun. Bu söz Əhmədi tutdu; Əhməd bir dərin fikrə gedib, birdən guya yuxudan ayıldı. – Yaxşı, ata, İndi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə! Bu sözü deyib, evdən çıxdı. Mirzə Cavadın kənddə atasından qalma bir xırda bağı və içində də bir somiəsi var idi. Istilər düşəndə arvadını götürüb gedib orada payızadək qalardı. Amma oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirərdi. Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən bir-İki ay keçəndən sonra, Mirzə Cavad köçdü kəndə. Bu dəfə Əhməd də atası ilə getdi. Atası soruşdu: – A bala, səndən çıxmayan iş. Nə oldu ki, sən də bağa gedirsən? – Gedirəm yer deşiyindən pul çıxartmağa. Atası gülüb bir söz demədi. Xülasə, yığışdılar bağa. Bir gün Mirzə Cavad gördü ki, oğlu ətəyinin altında bir külüng gətirib evin bucağına atdı. Soruşdu: – Bala, bunu nə eləyirsən? Dedi: – Bəs, gərək yer qazam ki, oradan pul çıxsın. Bu külüng ilə bağda quyu qazıb, içindən pul çıxardacağam. Mirzə soruşdu: – Bala, sənin başın xarab olmuyubdur ki? – Eliyəndə duyarsan. Gecə camaat yatandan sonra Əhməd külüngü götürüb getdi bağa. Gün çıxana yaxın Mirzə Cavad dəstəmaz üçün həyətə çıxıb, gördü oğlu qapının qabağında beş arşın dərinliyində bir quyu qazıb. Yaxına gedib gördü içəridə işləyir, dedi: – Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən? Cavab verdi: – Kişi, danışma. Az qalıb pul çıxsın. Gecədən nə keçib? – Az qalıb gün çıxsın. – Bəs onda bu gecəlik kifayətdir. Qalanı da qalsın sabaha. Mirzə Cavad yəqin etdi ki, oğlunun başına hava gəlib. Halı xarab olub özözünə deyirdi: – Pərvərdigara! Varım-yoxum bircə oğlum var, o da divanə! Məsləhət sənindir, yarəbbi! Bu minval ilə neçə gecə bir-birinin dalınca Əhməd camaat yatandan sonra gedib bağda sübhədək işləyib, gün çıxanda gəlib yatardı. Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə (neçə gün idi getmişdi). Əhməd yeriyib atasının qolundan tutub, gətirdi qazdığı quyunun yanına: – Ata, görürsənmi? – Görürəm, oğul! – Bu nədir? – Nə olacaq, quyu! – İndi buraya gəl! Bu əncir ağacının dibindəki deşiyi də görürsənmi? – Görürəm, oğlum, nə olsun? – Nə olsun? Ay fəqir kişi! O quyudan burayadək lağım vurmuşam... Yenə başa düşmürsən? – Yox, oğul. Oxuduğum mənə qənim olsun əgər bir şey anlayıramsa. Nə olsun? Qapının ağzında bir quyu qazıb, yerin altı ilə bir lağım vurub gəlib çıxıbsan əncir ağacının dibinə. Burada bir deşik açıb aparıb o lağıma bitişdiribsən. – Nə olsun? Elə haman pul deşiyi budur. Get anamı buraya çağır, o başa düşər. Mirzə Cavad başını bulaya-bulaya arvadını gətirdi. Əhməd anasının qolundan çəkib deşiyi göstərdi. – Ana, görürsən? – Niyə görmürəm, bala! Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Əhməd dedi: – Ana! Bu gecə mən quyudan girib lağım ilə əncir ağacının dibinə gəlib bir şam yandırıb deşikdən dışarı çıxardacağam. Sən get qonşu arvadlardan bir-İkisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ondan sonra gəl, otur evində, işin yoxdur. Mirzə Cavad sevinmiş dedi: – Afərin, oğlum, yer deşiyindən pul çıxdı. Qoçaq oğlum, zirək oğlum!.. Əhmədin anası gedib keyfiyyəti bir neçə qonşuya dedi. Bu qonşudan o qonşuya, Gülpəridən Xanpəriyə, Xanpəridən Şahpəriyə... gecə vaxtı Mirzə Cavadın həyəti arvadlar ilə doldu. Hər kəs baxıb həqiqətdə əncir ağacının dibində şamın yandığını görürdü... Amma heç kəs qorxudan yavuğa gedə bilmirdi. Fatmanisə xala çox ürəkli idi, dedi: “Mən gedib baxaram”. Şama yaxınlaşan kimi şam söndü. Dala qayıdıb, camaatın içinə gələndən sonra gördü şamyenə yanır. Daha əncir ağacının pir olmağına camaatda şəkk qalmad... Pirin tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə də düşdü. Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim... Xülasə, Mirzə Cavadın qapısı oldu xan qapısı. Hər gün azından iyirmi manat mədaxil olurdu. Bəzi günlər mədaxil əlli, altmış manata çıxardı. Əhməd dedi: – Ata! İndi gördün yer deşiyindən necə pul çıxar? İndi sən əyləş burada, nə qədər kefİndir istirahət elə. Gələn mədaxildən ayda əlli manat sənin məvacibin. Qalan pulların hamısı mənə çatacaq. İndi görüm Hacı Rəsul oğlu kimi adamlar qabağımda necə duracaqlar. O gündən Şeyx Cavad piri şöhrət tapdı. * * * Bir gün küçə ilə gedirdim. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş sarı saçlı qız, yanımdan yel kimi ötdü. Yoldaşımdan onun kim olduğunu soruşdum. Cavab verdi. – Buna Mirzə Cavad oğlu Əhməd deyərlər; yanındakı da matuşkasıdır. * * * Tənqid Sübh saat on idi. “Iftira” qəzetəsinin müdiri öz kabinəsində “İqbal”ın nömrəsini qabağına qoyub oxuyurdu: “Şimdi düşün! Məlul bir beyti-həzin, bir kəlmənin üzərində bu vaxt – səkinanə ilə bitsin, sonra mütəntən bir qafieyi-digər bir beytin həşəmətimənasına bir qərari-möhtəşəm versin. Bütün şeir bir yandan vəznin əmvacimusiqiyyəsinə təslimi-nəfs edərək dalğalanırkən qafiyələr ötəyə-bəriyə mənidar zümzümələr, ruhpərvər nəğmələr sərpsin. Sonra o şeirdən bütün xabidə təşbihləri, bütün o köhnə cinasları çıxar...” Müdirin bu sözlərdən başı ağrıyıb qəzetəni atdı kənara. Bir az gərnəşdi, əsnədi, qələmi götürdü, istədi bir baş məqalə yazsın – hər nə qədər başına zor vurdu, bir şey çıxmadı. Bu halda kabinənin qapısı açılıb mühərrir Mirzə Mahmud daxil olub bir varaq yazılı kağız mizin üstünə qoydu: – Dünən oynanılan operettanın tənqididir. Tənqid bu idi: “Keçən cümə axşamı, ayın on İkisində “Sail” cəmiyyətinin opera artistləri tərəfindən Cibgir Xərguşov tərəfindən təzə yazılmış “Göbəyin ağ dələmə” adlı operetta mövqei-tamaşaya qoyulmuşdu. Operettaya qulaq verdikcə fikir dəryasına qərq olurduq və deyirdik: “Xudaya, insan gərək nə qədər insafdan, həyadan, vicdandan uzaq olsun ki, bədbəxt camaatın avamlığından istifadə edib toyuq kimi gündə bir operetta yumurtlayıb, səhnəyə çıxarıb, xalqın başını qırxıb, qulağını kəsə”. Operettanın məzmunu dərc olsa, ondan nəinki qarelər, hətta qələm və kağız da bəlkə qızarar. Ona görə onu yazmaqdan vaz keçib camaatımızdan rica edirik ki, əgər öz əhli və əyallarının ismətlərini gözləmək istəyirlərsə, bir də bu növ müzəxpəfata əyallarını göndərməsinlər. Birinci pərdədən sonra camaatın operettaya nifrəti aşkar oldu: başladılar teatrodan bir-bir çıxıb artistlərə föhş verərək evlərinə getməyə; üçüncü pərdə başladıqda teatronun yarısı boşalmışdı. Operettanın özündən bədtər artistlərin oynamağı idi. Baş rolu ifa edən Qudurğanov cənabları səhnədə etdiyi oyunbazlığı ilə özünün artistlikdən bilmərrə bixəbər bir bambılı olduğunu sübut etdi. Bu növ artistlərin yeri laqolar, şəbədəbazlar məclisidir. Nəinki müqəddəs olan teatro səhnəsi. Çox təəccübdür ki, “Sail” cəmiyyəti bu növ şəxslərə birinci artist adı qoyub ortalığa çıxardır. Arvad rolunu ifa edən Suraxanski cənablarına bilmək lazımdır ki, adını artist, xüsusən opera artisti qoyan şəxs səhnədə oynamağı bacarmasa da, rolunu kökündən bilməsə də, gərək heç olmazsa, az-çox oxumaq bacarsın, bu cənab, görünür, elmi-musiqi nə olduğunu İndiyədək eşitməyib. Əgər biz Suraxanskini tanımasaydıq, güman edərdik ki, o ya hamam dəlləyidir, ya darğa şagirdi. Oxumağı da quyu dibindəki kənkan səsinə oxşayırdı. Qalan artistlər həmçinin rol bilməyib gözlərini suflyorun budqasına dikmişdilər. O ki, xor... bənzəyirdi CəmiyyətiXeyriyyənin iclasi-ümumisinə. İki adam bir söz deməyib hər kəs kefi istədiyini oxuyurdu. Üçüncü pərdənin axırını gözləyib teatrdan çıxdıq. Tamam yolu, bizim ilə çıxan adamların dilindən föhşdən sivayı bir şey eşitmədik. Ümidvarıq ki, bundan sonra hər bir şarlatan, adını musiqinəvis qoyub, camaatın alın təri ilə qazandığı pulları əllərindən alıb cibişdani-şərifə salmaya və Xərguşov kimi cənablar gedib aşnabazlıqdan, dəlləklikdən, halvaçılıqdan... nbir peşəyə məşğul olub camaatın yaxasını əldən qoyalar”. Mirzə Mahmud idarədən çıxıb gedərkən yolda Xərguşova rast gəldi. – Salaməleyküm. – Əleykəssalam. – Mirzə, haraya belə sürətlə gedirsən? – Gedirəm evə, nahara. – Sən öləsən, yaxşı əlimə keçibsən. Buradan bir yerdə gedəcəyik düz restorana. Qabaqca neçə dənə vodka verəcəyəm. Dalınca ləzzətli bir nahar, hər ləvazımatı ilə! Dünənki teatro barəsində hələ ki bir şey yazmayıbsan? – Bəli... xeyr... hələ bir şey yazmamışam, axşam yazacağam. – Çox gözəl, damağın durular, daha şirin yazarsan. Düş qabağıma gedək! Mirzə Mahmud Xərguşovla getdi restorana. Orada Xərguşov onu necə ki, lazımdır qonaq edib, araqdan, şərabdan layiqincə doyurub, bir üç manat da əlavə ovcuna basıb, çıxanda dedi: – Mən ölüm, yaxşı-yaxşı yaz! Gərək bacardıqca tərif edəsən. Mirzə Mahmud söz verdi ki, operettanı tərif etsin. Evinə yaxınlaşanda, gördü baş artist Qudurğanov mənzilinin qapısında durub: Mirzə Mahmudu görən kimi yeridi qabağa və dedi: – Mən elə səni görmək istəyirdim. Operetta xüsusunda qəzetəyə bir şey veribsən ya yox? Mirzə Mahmud bir az duruxdu: – Sabah şənbədir, qəzetə çıxmayacaq. Tələsməyə ehtiyac yoxdur. Qudurğanov Mirzə Mahmudun qolundan yapışıb dedi: – Mirzə Mahmud! Məni hər kəs tanımasa, sən yaxşı tanıyırsan. Mənə “Qudurğanov” deyərlər. Mən sənin gözünün qabağında rejissor Çulquduzova elə bir sillə tutuzdurdum ki, yarım saat ürəyi özünə gəlmədi. Məni yaxşı tanı! Anda olsun Allaha, əgər mənim haqqımda artıq-əskik yazmış olasan, səni Çulquduzovdan pis halətə salaram. Əgər istəyirsən başın salamat olsun, mənə dolaşma! Mirzə Mahmud vədə verdi ki, Qudurğanovu da bacardığı yerədək tərif etsin və bir növ onun əlindən qurtarıb gəldi mənzilinə; çarpayının üstə uzandı. Hər nə qədər cəhd elədi, gözünə yuxu gəlmədi. Bu halda gördü qapını döyürlər. Mirzə Mahmud başını qalxızıb dedi: – Kimsən, buyur! Qapı açılıb, arvad rolları ifa edən Suraxanski daxil oldu: – Salaməleyküm! Mirzə, deyəsən yatmışdın, səni narahat elədim. – Yox-yox yatmamışdım. Nahardan sonra bir qədər kəsalət basmışdı, bir xırda uzandım. Buyur əyləş. Suraxanski əyləşdi, soruşdu: – Söylə görüm məni çox söyübsən, ya az? Mirzə cavab verdi ki, hələ bir şey yazmayıb. Bu gecə yazıb, sübh aparıb, idarəyə verəcək. Suraxanski dedi: – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən, ya tərif edəcəksən, sənin işİndir. Mən xatircəməm ki, sən məni söyə bilməyəcəksən... Çünki mən səsdə oxuyanı və mənim tək artisti İndiyədək dünya yaratmayıb. Hər kəs xahiş edərsə buyursun oxuşaq. Elə, sənin özündən xəbər alıram: kimin hünəri var mənim kimi oynasın? Hansı məşhur xanəndə, Qaryağdı oğlundan başlamış, mənim kimi zəngulə vura bilər? Söz yox ki, yazanda insafı arada görəcəksən. Mən heç vaxt sənə demərəm ki, məni tərif et! Belə təvəqqe ancaq mənə əskiklik gətirib mənim şənimə toxunar. Bura gəlməkdə mənim məramım başqa idi. Budur, bir ildir ki, məndən əlli manat əl borcu alıbsan. Bilmək istərdim ki, o pulu nə vaxt verəcəksən. Pul çox lazım olduğuna görə gəlib səni narahat elədim. Təvəqqe edirəm sabah düzəldib verəsən. Mirzə Mahmud söz verdi ki, bir növ düzəldib versin. Suraxanski qalxıb əl verdi və dedi: – Xudahafiz, Mirzə Mahmud, dübarə təvəqqe edirəm çalışıb düzəldəsən, çox lazımdır. Yoxsa istəməzdim. Xudahafiz; o ki qaldı operetta, nə yazarsan özün bilərsən. Suraxanski getdi. Mirzə Mahmud çox sevİndi ki, sabah şənbədir, qəzetə çıxmayacaq, tənqidi bir növ dəyişdirmək mümkündür. Suraxanskinin də sözünə gülüb dedi: “Sən öləsən, bir il də məndən pul istəməyəcəksən. Hər dəfə mənə işin düşəndə bu borc məsələsini ortalığa salırsan”. Bir yandan nahar və üç manat nəqd, bir yandan döyülmə qorxusu, bir yandan əlli manat borcun istənilməsi Mirzə Mahmudu tənqidi dəyişdirməyə məcbur etdi. Sübh tezdən idarəyə gəlib mürəttibdən xəbər alıb bildi ki, hələ tənqid düzülməyib. Köhnə yazdığını alıb, bir ayrı varaq kağız verib dedi: – Bunu düz! Yekşənbə günü “Iftira” qəzetəsində operetta xüsusunda belə bir tənqid çap olunmuşdu: Teatr və musiqi “Göbəyin ağ dələmə” Keçən cümə axşamı ən gözəl bir tamaşaya nail olduq. Haman gecə “Sail” cəmiyyətinin opera artistləri tərəfindən bizim milli musiqinəvisimiz cənab Cibgir bəy Xərguşovun təzə qələmə aldığı üç pərdəli “Göbəyin ağ dələmə” adlı operettası səhneyi-tamaşaya qoyulmuşdu. Operettanın məzmununu yazmaqdan vaz keçib, hər bir görməyənə bu gözəl operettanı hökmən gedib görməyi tövsiyə edirik: “Şənidən key büvəd manəndi didən!” Bunu deyə bilərik ki, operettaya tamaşa etdikcə milli teatromuzun, musiqimizin tərəqqisini gün kimi aydın görüb ürəkdən şad olurduq. Yaşasın milli opera! Yaşasın milli musiqinəvisimiz cənab Xərguşov! Operettanı daha da gözəlləndirən artistlərin kəmali-həvəs və məharət ilə oynamaqları idi. Camaatın operettadan məmnuniyyəti bir pa- Eşitmək hara, görmək hara! yədə idi ki, əgər artistlər haman operettanı haman gecə təkrar edəydilər, yəqin hamı əyləşib yenidən məsruriyyət ilə dinlərdilər. Artistlərdən camaatın diqqətini cəlb edən söz yox ki, səhnəmizin zinəti və fəxri olan Qudurğanov cənabları idi. Artistin hər bir hərəkəti camaat tərəfindən ciddi alqışlanırdı. Elə ki üzünü məşuqəsinə tutub bu sözləri oxudu: “Göbəyin ağ dələmə, Görmüşəm, düymələmə! Di qoy, di qoy, Di qoy, məni yar öldürsün; Gözləri xumar öldürsün, Ixtiyarı var, öldürsün!..” Teatroya bir gurultu düşdü ki, az qaldı divarlar uçub tökülsün. Camaatdan baqqal Kərim, çaqqal Rəhim, saqqal Səlim o qədər əl vururdular ki, axırda hər üçünün ürəyi gedib yıxıldılar, onları faytona qoyub evlərinə apardılar. Biz İndiyədək səhnələrdə çox operalar və operettalar görmüşük və məşhur artistlərə qulaq asmışıq. Amma ürəkdən deyə bilərik ki, rolları ifa edən Suraxanski cənablarının səsi tək səs heç bir səhnədə, hətta rus səhnəsində də eşitməmişik. Bu artistin oxumağı oynamağından və oynamağı oxumağından qalmaz idi. Teatrodan çıxıb evə qayıdan vaxt camaatdan bu sözləri eşidirik: “Aya, Qudurğanovsuz və Suraxanskisiz teatroya getməkdə bir ləzzət olarmı?” Həqiqət bu İki vücud tetaromuzun zinətləridir. Qalan artistlər hamısı bəqədriməqdur rollarını keçirtdilər. Xor həmçinin layiqi-təhsin idi. Tənqidi tamam edib “Sail” cəmiyyətindən bu növ operettaların tez-tez səhnəyə qoyulmasını gözləyirik və Xərguşov cənablarından da bundan gözəl təsnifat yazıb səhnəmizi müzəyyən etməsini ümid edirik. * * * Acından təbib Şuşa və İrəvan arasında düşən bir qəzaya Zəngəzur qəzası deyirlər. Bu qəzanın çox yerləri dağlıq və əhalisi də kürdlərdir. Əhalinin peşəsi qaramal saxlayıb, yağ, pendir satıb onunla güzəran etməkdir. İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər. Ancaq dörd ay yollar şənlik olar. Aran tərəkəmələri qoyunlarını oraya, yaylağa apararlar. Alış-verişçilər dəstə-dəstə gedib kürdlərdən yağ, motal, yun... alıb, satış üçün Qarabağa gətirərlər. Kürdlər həmçinin gəlib şəhərdən özləri üçün qış tədarükü apararlar. Kürdlər dünyadan uzaq bir yerdə yaşadıqlarından pula qiymət qoymazlar və pulun hesabın da bilməzlər. Xüsusən arvadları. Yağı, pendiri dəyər-dəyməzinə, cürbəcür arşın malına, sabuna, güzgüyə, saqqıza... və habelə şeylərə dəyişərlər... Odur ki, oraya yağ, pendir almağa gedən bir atı güzgü, üskük, ucuz üzük, saqqız və sair bu ənva şeyləri ilə yükləyib yola düşər və qayıdan vaxtı bir at yükü lətif, kəhrəba kimi yağ gətirər. Bu sətirləri tacirlərimizin ittilaı üçün yazıb keçirəm mətləbə. Bir gün may ayının ortalarında İki yoldaş – mən və Kərbəlayı Məhəmməd yağ almaq niyyəti ilə bir qədər çərçi malı götürüb Zəngəzur tərəfə rəvan olduq. Turşsu adlanan bir yerə çatdıqda aclıq bizə ilə verdi. O yan-bu yana baxıb ev qaraltısı da olsun görmədik. “Pənah pərvərdigara” deyib bir qədər də yol getdik. Zarıslı kəndinə çatanda gördük kəndin ətrafında tərəkəmə köçü düşüb. Köç tərəfə yeriş edib bir az çörəkdən, süddən istədik. Alaçığın qabağında istirahət ilə uzanmış bir oğlan başını qalxızıb dedi: – Atam, keçin gedin! Heç zadımız yoxdur. Sizin kimi çərçinin gündə mini gəlib köçün yanından ötür. Hər birisinə bir kasa süd versək, gərək özümüz ac qalaq. Bu halda bir qoca kişi əllərini o yan-bu yana sürtərək alaçıqdan çıxdı. Baxdım ki, kişinin gözləri kordur. Söhbəti dəyişib soruşdum: – Əmi, çoxdanmı gözlərin tutulub? – Bala, İki aydan bir az artıq olar! Məlumdur, çılpaq tədbirli olar, xüsusən ki, qarnında tərs toy çalına. Kərbəlayı Məhəmmədi səslədim. – Kərbəlayı Məhəmməd, sən həkimliyini burada işlətməyib harada işlədəcəksən? Bir gəl əminin gözlərinə bax. Kərbəlayı Məhəmməd atdan düşüb qocanın müqabilində əyləşdi və mahir təbib kimi onun gözlərinə baxmağa başladı. Cavan oğlan yerindən cəld sıçrayıb üzünü Kərbəlayı Məhəmmədə tutub dedi: – Ay sənin başına dönüm, sən həkimsən? Kərbəlayı Məhəmməddən qabaq mən cavab verdim: – Bəli, çox adlı göz həkimidir. Belə həkim nəinki Firəngistanda, İranda da tapılmaz. Oğlan kəmetinalığından dolayı bizdən üzr istəyib getdi alaçığa. Sonra alaçıqdan bir nəfər üzü örtülü gəlin çıxıb alaçığın yaxınlığında ocaq qalayıb su ilə dolu bir qara aftafanı qoydu ocağa. Məlum oldu, bizim üçün çay tədarükü görülür. Həkim gəldiyini eşidib köç əhli tamam bizim başımıza cəm oldu. Kərbəlayı Məhəmməd diqqətlə qocanın gözlərinə baxıb dedi: – Inşallah, tezlik ilə gözləri açılar; amma gərək bir qədər qara qoyun quyruğu olsun. Cavan oğlan çobanı çağırıb buyurdu: bir qara erkək kəssin. Çoban getdi. Kərbəlayı Məhəmməd mənə dedi: – Sən də get mən dediyim nəbatatdan cəm et gətir! – Buyur! – Get gətir: bir qədər giyahi-mahi, bir qədər bərgi-dirəxtani səbz, bir az türünci-qərğəb. – Baş üstə, – deyib yüyürdüm səhraya və əlimə düşən ələfiyyatdan bir dəstə yığıb gətirdim. Kərbəlayı Məhəmməd mənə bir həvəng verib, buyurdu ki, ələfiyyatı bir parça quyuqla həll döyüm və bir qədər xurcundan saqqız çıxarıb atdı həvəngin içinə. Əşya dürüst əziləndən sonra Kərbəlayı Məhəmməd onu bir parça bez üstə yaxıb yapışdırdı qocanın başına və tapşırdı ki, gözləri açılınca zamata əl vurmasınlar. Qabaqca bizə çay verdilər. Üstündən qara qoyunun kababından doyunca yeyib bir şaqqa ət də yol azuqəsi götürüb atlara dəydik. Yol uzunu Kərbəlayi Məhəmmədin həkimliyindən və mənim qoçaqlığımdan danışıb gülürdük. * * * Bu fəqərədən İki ay yarım keçdi. Kürdlərlə alış-verişimizi qurtarıb qayıdırdıq. Yolumuz yenə haman yerdən düşdü. Yaxınlaşanda evin kənarında bir sürü qoyun və qoyunların yanında bir qoca kişi əli ağaclı durmuş gördük. Bu qoca bir müalicə etdiyimizə bənzəyirdi. Amma gözləri açıq idi. Qocanın gözlərinin açılmağına çox təəccüb etdik. Kərbəlayı Məhəmməd atını irəli sürüb dedi: – Əmi, salaməleyküm! Şükür olsun Allaha, gözlərin açılıbdır. Kişi başını qalxızdı: – Oğul, kimsən? – Mən sənin gözlərinə müalicə eləyən həkiməm. Elə bil dünyanı qocaya verdilər: – Atam sənə qurban, ay həkim, anam sənə qurban, ay həkim! Nə yaxşı mənim əlimə düşdün. Mən gecə-gündüz arzu edirdim ki, yolun bir də buraya düşə idi, xəcalətindən çıxa idim. Buyurun gedək evə! Kərbəlayı Məhəmməd istədi getməsin. Qoca əl çəkməyib bizi apardı evinə və layiqincə qonaq elədi. Bir kök qoyun bağışladı və o gecə də evində qonaq saxladı. Axşam camaat başımıza cəm oldu. Hər kəs bir növ ilə Kərbəlayı Məhəmmədin həkimliyini tərif eləyirdi. Kərbəlayı də özünü çəkib əyləşib, Iranda padşahın anasının gözlərinə müalicə etdiyindən danışırdı. Mən də onun danışıqlarını təsdiq edirdim. Çox söhbətdən sonra qocanın oğlu dedi: – Həkim, Allah sənin atana rəhmət eləsin, səni bu camaata çox görməsin! Sən ki, mənim atamın gözlərini sağaltdın. Amma bircə dərdimiz var. Atamın başına yapışdırdığın zamat qopmur. Necə eləyək? Kişinin papağını götürəndə gördük saqqız layiqincə suvanıb başına və tükləri bezi deşib bir-bir çölə çıxıblar. Kərbəlayı isti su istəyib zamatı islatdı. Saqqız isti suda əriyib daha möhkəm yapışdı. Gördük ki, heç əlac yoxdur. Bez kişinin başından qopmayacaq. Kərbəlayı dedi: – Bu dərmanın başında qalmağının əziyyəti yoxdur. Bir müddət qalar, sonra özü qopub düşəcək. Hamıdan “Allah atanıza rəhmət eləsin” eşidib atlarımızı minib yola düşdük. * * * Şeyx Şəban – Şeyx Şəbanı siz tanıyırsınızmı? – Xeyr! – Heyf, sədd heyf. Mən haman o Şeyx Şəbanı deyirəm ki, yolun qırağındakı məhəllə məscidinin qabağında əyləşib pinəçilik edirdi. Yağış yağanda sel gətirən köhnə başmaqları, çustları, çəkmələri, çarıqları yığıb, qalıba vurub, yamayıb ucuz qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Fəqir-füqəranın ayaqqabıları hamısı ancaq Şeyx Şəban əməli olardı. Deyəsən yavaş-yavaş yadınıza düşür? Bir toy, bir ehsan Şeyx Şəbansız keçməzdi. Meyit qabağında Şeyx Şəban “la hövlə və la qüvvətə” deyəndə səsi şəhərin o biri qapısında eşidilirdi. Hər sabah tezdən durub, enib, sübh namazını məsciddə qılıb, sonra çıxıb, öz yerində əyləşib peşəsinə məşğul olardı. Günorta və axşam azanını da verməyi özünə fərz hesab edərdi. Güman etməyin ki, Şeyx Şəban azan verməyinə muzd alırdı. Xeyr, əstəğfürullah! Azan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Şeyx Şəban gödək boylu, uzun saqqallı bir kişi idi. Baharda, yayda aba bürünərdi və qış fəslində çiyninə bir Xorasan kürkü salardı. Bir nəfər deyə bilməzdi ki, mən Şeyx Şəbanın saqqalının dibini zərrəcə ağarmış görmüşəm. Heç Şeyx Şəban elə adam deyil idi. Otuz il bir abada gəzməyi, qırx il bir kürkə bürünməyi qəbul edərdi, amma saqqalına rəng və hənadan korluq verməzdi. Rəng və hənanı da həmişə əttar Kərbəlayı Məqsuddan alardı. Hər adamın satdığı hənanı bəyənməzdi. Düşəndə də deyirdi ki, Kərbəlayı Məqsudun hənası cəmi Iranda tapılmaz! Gör nədir ki, qazı ağa özü də onun hənasını işlədir və dəlilinin də ki, müqabilində heç bir irad ola bilməz. Yemək tərəfindən, həmçinin, Şeyx Şəban özünə korluq verməzdi. Ilin çox hissəsini toylarda, ehsanlarda plov yeyərdi. Fəqət plov olmayan günü də hökmən gərək bir abbasılıq ət alıb göndərəydi evə, ta arvad axşam abiguşt bişirsin. Əti də Şeyx Şəban qəssabdan almazdı. Qəssabbaşı İmaməli ilə müştəri idi. Nisyə ət alıb əlinə pul keçdikcə hesablaşardı. Ondan əlavə, düşəndə axşamlar yemişdən, üzümdən, qarpızdan alıb özü abanın altında evə gətirərdi. Şeyx Şəban belə Şeyx Şəban idi. Şeyx Şəbanın arvadı Gülsüm xala da məhəllədə məşhur idi; çünki yaxşı ruf tutardı, çöp ötürərdi, noxud falı açardı və həcəmət qoyardı; boğaz basardı, nəinki şəhərdən, hətta ətraf kəndlərdən də boğazlarında çöp qalan uşaqları birbaş Gülsüm xalanın yanına gətirərdilər. Gülsüm xala uşağın ağzını əli ilə örtüb, üzündən üflərdi; sonra barmağını uşağın ağzına salıb, əzgil çəyirdəyindən, gavalı çəyirdəyindən, kömür qırığından çıxarardı. Bir dəfə Şeyx Şəbanın çəpərinin yanından ötürdüm, gördüm həyətdə bir nəfər kişini uzadıb yerə, boğazına bir ip bağlayıb, ipin bir ucunu da ağaca bağlayıbdır. Uzananın yanında neçə nəfər şəxs və Gülsüm xala da, üzü örtülü, durubdur. Bir də gördüm kişilərdən İkisi uzananın ayaqlarından yapışıb gücləri gəldikcə dartırlar; bunun boynu belə şaqqıldadı, guya bir böyük ağac şaxı sındı. O saat ipi boğazından açdılar. Durdu ayağa, əlini cibinə salıb, sonra cibindən çıxardıb Gülsüm xalaya tərəf uzatdı. Bildim ki, pul verdi. Kişilər həyətdən çıxanda birinə yaxınlaşıb dedim: – Bu nə keyfiyyətdir? Dedi: – Bu şəxsin boynuna qıyıq girmişdi. Allah imanını kamil eləsin, Gülsüm xala sağaltdı. Gülsüm xala da belə Gülsüm xala idi. Şeyx Şəbanın yaşı altmışdan addamışdı. Gülsüm xalanın sinni əlli beşinə yaxınlaşırdı. Bu İki ər-arvadın bir-birinə olan məhəbbəti dillərdə deyilirdi. Hər sübh Gülsüm xala Şeyx Şəbandan tez oyanıb, yerindən qalxıb, samavar hazır edərdi. Samavar qaynayan tək otağın ortasına çəhrayı rəng, hər İki tərəfinə – “məclis arast” yazılı çitdən bir süfrə salıb, pendirdən, çörəkdən süfrəyə düzüb ərini oyadardı. – A kişi, daha durginən, azanın vaxtı keçir. – Bu saat durram, çay hazırdırmı? – Əlbəttə hazırdır. Məgər özün bilmirsən ki, mən çay dəmləməmiş səni oyatmaram? Şeyx Şəban arvadının adətini bilə-bilə yenə hər sübh ona bu sualı verərdi. Çünki arvadının cavabı ona ləzzət verirdi və ürəyində də fəxr edirdi ki, onun belə qeydinə qalan arvadı var. Şeyx Şəban cəld durub dəstəmaz alıb, İki stəkan çay içib qalxırdı ayağa. Arvadı isə tez durub ərinin başmaqlarını cütləyib abasını, ya kürkünü çiyninə salıb darvazayadək ötürüb qayıdardı otağa. Hər cümə axşamı şeyxin saqqalına həna qoyub, qoz yarpağı yapışdırıb və atası evindən gətirdiyi cehiz hənabəndi ilə bağlardı və gecə yarısı onu hamama göndərərdi. O idi ki, Şeyx Şəbanın saqqalı həmişə şəvə tək olardı. Özü də cavan oğlana bənzərdi. Şeyx Şəbanın atası başmaqçı idi. Özü də bir neçə müddət atasının dükanında başmaqçılıq edib axırda peşəsini unudub bir neçə avara yoldaş tapıb qurşandı cahıllığa: toylarda, hamıdan yaxşı oynayan kim idi? – Başmaqçı oğlu Şəban. Qumarbazlar arasında ürəkli aşıq atan kimi idi? – Başmaqçı oğlu Şəban. Şəhər cavanları arasında hamıdan iyid sayılan kim idi? – Başmaqçı oğlu Şəban. Hər il məhərrəm ayında məhəllə dəstəsinin başını kim çəkərdi? – Başmaqçı oğlu Şəban. Bağışlayın, mən sizin gözlərinizdə sual nişanəsi görürəm, guya siz sual edirsiniz: aya, bu cavan ki, avara idi, bəs bu haradan pul qazanırdı ki, toylarda, qumarda, səyahətlərdə xərc edirdi? Mən də sizdən sual edirəm: – “Bəs Xoca Sərkizin ki, evi yarıldı, yüz put ipəyi getdi, o ipəyin pulu necə oldu? Hacı Qafarın dükanı yarıldı, on beş min manatlıq malı getdi, o malın pulu kimin cibinə doldu? Baron Arakelin dükanından gedən on min manatlıq cavahirat necə oldu?..” Xülasə, nə ərz edim, mədaxil yolu bir deyil idi, beş deyil idi; bu evləri, dükanları yaranların hamısının başçısı başmaqçı oğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə oğlanlarının arasında çox gözəl sayılırdı. Özü nağıl edərdi ki, məhərrəm ayında başı açıq dəstə başında durub bazarla gedəndə “Heydər!” – deyib başımı silkələyəndə birçəklərim ki, üzümə tökülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı ona qonşusu ağıçı Mələk nənə gəlib nağıl edərdi. Bir gün Şəban evdə əyləşmişdi. Mələk nənə daxil oldu. – Salaməleyk! – Əleykəssalam! Mələk nənə, əyləş görək. Mələk nənə əyilib, əvvəl əllərini yerə dayayıb, sonra “ax, ay vay” edib yanını yerə qoydu. Bir az nəfəsini dərib üzünü Şəbana çevirdi: – Qadan alım, məni neyləyirdin? – Dincini al, danışarıq, deyəsən uzaqdan gəlirsən ki, belə yorulmusan? – Bəli, qadan alım! Zeynal bəyin evində yasda idim. Evə gələndə nəvəm dedi ki, Şəban əmim səni çağırır. Dincimi almamış buraya gəlmişəm, nə var, xeyir ola? – Doğrudur, ağıçını şərə çağırarlar, amma mən səni həqiqət xeyir işə çağırmışam. Səni bir yerə göndərəcəyəm! Gərək gedib Məşədi Məmmədvəlinin qızını mənə istəyəsən. – Gedərəm, ayağın altında ölüm, bəlkə vermədi? – Ağzı nədir, verməyə? Kimin nə həddi var, mənə qız verməsin? Bilmir ki, bazarın içində atasına od vuraram? Şəban burada dayanıb bir qədər fikir edib dedi: – Heç sən qızın atasına söz demə, canı çıxsın. Danışarsan, o da artıq-əskik söylər, mən də, bilirsən ki, dilimin, ağzımın sahibi deyiləm. Axırda görərsən, bir biabırçılıq çıxdı. Sən qızın özü ilə danış. Elə ki razı oldu, gəl mənə xəbər gətir. Daha sənin işin yoxdur... Xərclik də istəyirsənmi? Mələk nənə bir üçlük alıb cibinə qoyub dedi: – Qızın nə sözü olacaqdır? Şəhərdə qız yoxdur ki, sənə bənd olmaya. Hələ çox sevinsin ki, sənin kimi oğlan onu istəyir, qızın heç sözü olmaz. – İndi ki sözü olmaz, iş də düzələr. Sən dayanma, get. Mələk nənə əvvəl diz üstə çöküb, sonra ayağa dayanıb əziyyətlə qalxıb yola düşdü. * * * Baharın axır ayının gözəl gecələrinin biri idi. Şərqdən əsən nəsim, güllərin, çiçəklərin və ağacların yarpaqlarının arasında aşiq və məşuqlar ürəklərini cuşa gətirən bir məqamət bərpa etmiş idi. Göyün ulduzları da guya bir-biri ilə məhəbbətdən dəm vururdular. Bədirlənmiş Ay bunların arasında ahəstə-ahəstə məbhut gəzib dünyaya tamaşa edirdi. Bülbüllər yanıqlı nəğmələr ilə ürək dərdlərini güllərə söyləyirdilər. Şəhər yatmışdı. Tək bir şəhər pasbanlığı edən xoruzlar birbirlərinə oyaq olduqlarını xəbər verirdilər. Bu gecə İki nəfərin yuxusu gəlmirdi. Bunların biri başmaqçı Məşədi Məmmədvəlinin cavan qızı Gülsüm idi. O birisinin də kim olduğunu mən deməsəm də qarelər anlarlar. Gündüzdən Şəban ona xəbər göndərmişdi ki, gecə hazır olsun ki, gəlib onu aparacağam. Ona görə Gülsümün rəxtixabına guya od dolmuşdu. Ilan vurmuş tək qıvrılıraçılırdı və vədə olunmuş fitə müntəzir idi. Qarelər soruşarlar ki: – Axır Gülsümü Şəban harada görmüşdü ki, ona belə təəşşüt etmişdi? Yuxarıda söhbət olundu ki, Şəbanın atası başmaqçı idi. Gülsümün atası ilə şərik olduğundan, oğlu Şəban uşaqlıqda tez-tez Məşədi Məmmədvəlinin evinə gedərdi. Gülsüm də uşaq olmağına binaən qaçmazdı. Məşədi Məmmədvəli həmişə Şəbana deyərdi: – Yaxşı başmaqçı ol, mən də qızımı sənə verim! Şəban qızarıb başını aşağı dİkib, bir söz deməzdi. Uşaqlıqdan bir məhəbbət toxumu bunların qəlbinə düşüb, gəldikcə kök atıb göyərməkdə idi. Gülsüm on yaşına çatandan sonra atası ona Şəban ilə görüşməyi qadağan etdi. O gündən Şəban onu görmürdü; amma bir an – gecə, gündüz yadından çıxarda bilmirdi. Gülsümün atasının onu Şəbana vermək fikri var idi; amma o gündən ki, Şəban başmaqçılığı unudub oğurluğa, qumara və sair bəd əməllərə qurşandı, Məşədi Məmmədvəli fikrini dəyişib deyirdi: – “Qızımı parça-parça edib itlərə ataram, amma Şəbana vermərəm”. Gülsümə atasının bu qərarı belə təsir etmişdi ki, yazıq qız gündəngünə mum kimi əriməkdə idi. Məşədi Məmmədvəli də qızının naxoşluğunu səhl bilib ona əlindən gələn müalicəni edirdi. Şəban, ağıçı Mələk nənəni Gülsümün yanına göndərəndən qabaq özünə söz vermişdi ki, əgər Gülsüm bunun evində arvad olsa, o da bəd əməldən əl çəkib, ticarətə yapışacaq. Gecə yarıdan addamışdı. Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa. Bir atası yatan tərəfə qulaq verdi, ondan gəldi anasına qulaq verdi, gördü hər İkisi dərin yuxuya qərqdirlər. Gülsüm anasının üstündən ahəstə yorğanı qalxızıb onun sinəsindən öpdü. Gülsümün gözlərindən İki qətrə yaş anasının sinəsinə düşdüsə də, oynamadı. Yenə anasının üstünü örtüb çarşabını götürdü (libasını axşamdan soyunmamışdı). Qapıya tərəf getdi. Qapını ahəstə açıb çıxdı həyətə və sinəsini sərin hava ilə doldurub boşaltdı. Dörd ətrafına göz gəzdirib əvvəl bir ayrıldığı evlərinə baxdı. Sonra gözlərini həyətə döndərib öz əli ilə əkib becərdiyi qızılgüllərə qəlbən vida etdi. Şüküftələnmiş güllər nəsimin dəyməsindən enib-qalxdıqca Gülsümün vidasına cavabən “get, Allah səni xoşbəxt eləsin!” – deyirdilər. Gülsüm darvazanı açıb, darvazanın dalında durmuş Şəbanla qucaqlaşıb, uzun öpüşdən sonra aşiq və məşuq əl-ələ verib yola düşdülər. Sabahdan Mehdi bəyin evində böyük izdiham var idi. Çünki Şəban Gülsümü onun evinə gətirmişdi. Qonşulardan neçə adam bir yanda əyləşmişdilər. Məşədi Məmmədvəli, əlində bir yekə ağac, qapıda durub deyirdi: “Gərək bu saat məni binamus edən qızı parçalayam”. İki nəfər şəxs onu güclə saxlayırdılar. Gülsüm bir küncdə üzü örtülü, başında çarşab əyləşmişdi. Onunla üz-üzə qazı və polis naziri əyləşib sual verirdilər. Qazı deyirdi: – Qızım, sən heç kəsdən ehtiyat etmə. Heç kəsin cürəti yoxdur sənə bir çırtma vursun. Əgər Şəban səni güclə gətirib, deginən, ta ona divan lazımınca tənbeh eləsin və səni də bu saat verək atan aparsın evinə! Polis naziri həmçinin qazının sözünü təsdiq edib deyirdi: – Həqiqət belədir. Zorla qız aparmağın zakona görə böyük cəzası var. Gülsümü nə qədər danışdırmaq istəyirdilərsə də cavab verməyə həya edib dinmirdi. Axırda polis naziri dedi: – Görünür, bu qız atası ilə getmək istəyir və güclə gətirilməyini iqrar etməyə qorxur. Gülsüm bu sözü eşidən tək səsini çıxardıb dedi: – Heç kəs məni güclə gətirməyib. Mən özüm öz xahişimlə gəlmişəm. Bu sözü üç dəfə Gülsüm təkrar edəndən sonra qazının və polis nazirinin çıxıb getməkdən sivay bir çarələri qalmadı. Məşədi Məmmədvəlini də güclə öz evinə apardılar. Haman gün kəbin kəsib, Gülsümü aparıb Şəbanın evində qoydular. Şəban necə ki, özünə söz vermişdi, Gülsüm onun evinə gələndən sonra hər bir bəd əməldən əl çəkib bir dükan açıb, başmaq dərisi alış-verişinə başladı və bir-İki aydan sonra qayınatası ilə barışmaq fikrinə düşdü. Çünki Gülsümün də könlü anasını çox istəyirdi. Amma görüşmək mümkün olmurdu. Şəban gedib qazıdan təvəqqe etdi ki, onu bir növ Məşədi Məmmədvəli ilə barışdırsın. Qazı isə cümə axşamına söz verdi. Çaharşənbə günü qazı qəsdən Məşədi Məmmədvəlinin dükanına gedib qabaqca özü üçün bir cüt başmaq tapşırdı və əsnayi-söhbətdə dedi: – Sabah, axşam azanına İki saat qalmış gələcəyəm. Amma özümlə də bir neçə qonaq gətirəcəyəm. – Cəmi şəhəri gətirsən, cənab qazı, gözüm üstə yer elərəm. Söz yox ki, Məşədi Məmmədvəli qazının xahişini anladı və artıq da fəxr etdi ki, qazı tək vücud Şəbanı onun ayağına gətirəcək. Öz ürəyində deyirdi: əlbəttə, beş gün tez, beş gün gec iş olacaq idi. Bir qız bir oğlana qismətdir. Nə düşübdür qazı tək şəxsi özümdən rəncidəxatir edim? Qazı məşədi ilə xudahafiz edib dedi: – Məşədi, lumu (limon), mürəbbə, əlbəttə, yadından çıxmasın. Gərək sabah çay hər barədə şirin olsun. – Gözüm üstə, canım üstündə, istəyirsən xanəndə də gətirim. Qazı bu sözə gülüb dedi: – Bəd olmaz! Xanəndə məhz qazılar üçün yaranıb. Xülasə, sabah axşam sənə qonağıq, xudahafiz! – Müşərrəf, göz üstə gəldin. Cümə axşamı, müəyyən vaxtda Məşədi Məmmədvəli samavarı ağacın altında dəmləyib, göy ot üstündə sərilmiş süfrədə mürəbbə və doğranmış lumu hazır edib, özü də samavarın yanında dizi üstündə əyləşib stəkanları təmizləməyə məşğul idi. Bu əsnada qazı, İki nəfər molla və neçə nəfər ağsaqqal təşrif gətirdilər. Gələn qonaqların arasında Şəban da görünürdü. Qonaqlar bir-bir salam verib əyləşdilər. Amma Şəban hamıdan dalda başını aşağı salmış dayandı. Qazı üzünü Məşədi Məmmədvəliyə tutub bir növ nitq söylədi: – Məşədi, müsəlman taifəsinin gözəl bir adəti var. Bir şəxs görürsən gedib bir ayrı şəxsi öldürür. Sonra haman qatil gəlib məqtulun evinə girəndə, onun təqsirindən keçirlər. Sən belə güman et ki, bu oğlan sənə çox əziz olan bir vücudun qatilidir. İndi biz onu sənin qulluğuna gətirmişik. Gərək bizim xatirimizi mülahizə edib bunun təqsirindən keçəsən. Doğrudur, bu çox qəbih əməl tutub. Sənin namına toxunub, amma sən özün də cavan olubsan və yaxşı bilirsən ki, cavan naqisül-əql olar; bundan əlavə gərək bunun cavanlığını mülahizə edib təqsirindən keçəsən. Ta bu, bu gündən sənə oğul olsun. Sənin qızın da bunun evindədir. Sənin və anasının həmişə korluğunu çəkir. Gərək ona da rəhm eləyəsən; məsəldir: “Insan, övladının ətini yesə də sümüklərini çölə atmaz”. Qalan qonaqlar da həmçinin Məşədi Məmmədvəlini səsə, küyə basıb Şəbanı çəkdilər ortaya. Şəban isə irəli gəlib qayınatasının əlindən öpdü, qonaqlar da Məşədi Məmmədvəlini Şəbanın üzündən öpməyə vadar etdilər. Barışdırmaq rəsmini tamam edəndən sonra qonaqlar şüru etdilər çay içməyə. Çay üstündə qazı həmçinin vəz edib böyüyün kiçiyə məhəbbəti, kiçiyin böyüyə itaəti barəsində uzun bir söhbət elədi. Azan deyiləndə qonaqlar qalxıb bir-bir Məşədi Məmmədvəliyə əl verib, Allah sizin qohumluğunuzu başadək eləsin, deyib getdilər. O biri cümə axşamı Məşədi Məmmədvəlinin evində böyük ziyafət idi. Məşədi öz qızını və kürəkənini bir cəmi-kəsir ilə axşam çörəyinə ayaq açmağa çağırmışdı. Şəban, kişilər məclisinə daxil olub, salam verib qapı ağzında əyləşdi. Gülsüm arvadlar otağına keçib qapıda anası ilə uzun öpüşdü. Həm ana, həm bala şadlıqlarından ağladılar. Cavan qızlar Gülsümün ətrafını alıb hər biri bir növ suallar verirdilər. Binəva bilmirdi hansının sualına cavab versin. Axşamdan neçə saat keçincə bir padnosda bir dənə qızıl saat gətirib Şəbanın qabağına qoydular. Qonaqlar durub dağıldılar. Neçə gündən sonra rəsmə görə bir qonaqlıq da Şəban edib qayınatasını və qayınanasını qonaq çağırıb əlli manatadək xərc etdi. Bu gündən qohumlar bila-məmaniət bir-birinin evinə gedib-gəlməyə başladılar. Şəbanın alış-verişi yaxşı getməkdə idi. Onun keçmişdə iyid sayılmağına görə başmaqçılar hamısı gönü ondan alırdılar. Bu səbəbdən də sair gön satanların bazarı kasad düşmüşdü. Şəbanın ticarətinin tərəqqisi hamıdan artıq gön satan Səlmana təsir edirdi. Gecə-gündüz Səlmanın fikri Şəbanı yıxmaq idi. Amma qorxudan bir iş görə bilmirdi. Axır davam edə bilməyib camaat bazardan evinə çəkiləndən sonra dükanı bağlayıb, birbaş polis nazirinin evinə getdi. Polis naziri bir neçə qonağı ilə əyləşib, qumara məşğul idi. Nökər daxil olub xəbər verdi ki, bir nəfər qapıda durub deyir: gərək bu saat naziri görüm, vacib ərzim var. Elə bil nazirin başından bir qab qaynar su tökdülər. – Məgər bu nainsaflar bir dəqiqə adama rahatlıq verməzlər. Məgər polis qulluqçusu da insan tək dincələ bilməz? Hər kimdir, çağır gəlsin içəri! Nökər çıxdı, bir dəqiqədən sonra qapı açılıb uzun boylu, qarasaqqal, başının ortası qırxılmış bir adam qapıda peyda oldu. Nazir yerindən durmayıb üzünü Səlmana tutub hirslə soruşdu: – Nə var, nə istəyirsən? – Ağa, ərzim tək sizə məxsusdur. Təvəqqe edirəm ki, məni xəlvət danışdırasınız. Nazir bir ayrı otağa keçib Səlmanı da oraya çağırdı: – De görüm, nə var? – İstəyirsinizmi, ağa, baron Arakelin dükanından gedən malı bu gecə tutasınız? – Bu nə sözdür? Məgər Arakelin dükanının yaran sənə məlumdur? – Bəli, məlumdur; təvəqqe edirəm ki, bu gecə gedib başmaqçı oğlu Şəbanın evini axtarasınız. Əgər Arakelin şeylərindən onun evində tapılmasa, cavabdehində mənəm. Istəyirsiniz siz qayıdınca mən buradan getməyim; əgər ərzim yalan çıxsa, mənim özümü dustaqxanaya göndərə bilərsiniz. Şəban yatmışdı. Gecənin yarısı darvazanın döyülmək səsi onu oyatdı. Durub çiyninə bir yapıncı salıb qapıya çıxdı. – Darvaza döyən, kimsən? – Pristavdır, gəl aç qapını! Şəban qapını açdı. Neçə nəfər polis əmələsi və qazaqlar daxil oldular. Qazaqlar Şəbanı əhatə etdilər. Pristav məlum etdi ki, gərək onun evi axtarıla. Gülsüm qorxusundan nanə yarpağı tək əsirdi. Bir növ özünə cürət verdi. Gedib pristavın ətəyindən yapışdı, istədi ondan ərinin buraxılmasını təvəqqe etsin. Şəban onun üstünə qışqırdı: – Get yerində otur! Sənin işin yoxdur, qoy nə bilirlər, eləsinlər! Şəbanın evini alt-üst etdilər. Həqiqət Arakelin dükanından getmiş şeylərdən İki dəst gümüş çəngəl-bıçaq, neçə gümüş qəndqabı və sair şeylər tapıldı. Pristav Şəbana məlum etdi ki, gərək onunla getsin polis idarəsinə. Şəban itaət edib paltarını geyib pristav ilə bir yerdə getdi. Gülsüm ərə gedəndən bəri, əvvəlinci dəfə idi ki, tək qaldı. Bu təklik ona əl verib o qədər ağladı ki, axırda bihal olub ürəyi getdi, yıxıldı. Sabah Şəbanın tutulmaq xəbəri cəmi şəhərə yayıldı. “Yıxılan ağaca balta çalan çox olar”. Şikayət şikayət dalınca divanın üstünə töküldü. Şəbanın var-yoxunu, evinin müxəlləfatının hamasını satıb xərc etdilər, heç bir əlac olmadı. Üç il həbsxanada saxlayandan sonra işə baxıb qət etdilər ki, on İki il getsin Sibirə. Və qətnamədən sonra yenə sair məhkəmələrə də şikayət olundu isə də, heç bir nəticə bağışlamadı. Axır Şəbanın getmək günü müəyyən oldu. Şəban gedən günü Məşədi Məmmədvəli, arvadı Gülsüm, neçə dost-aşna gedib yığıldılar dustaqxananın qapısına. Şəbanın getməyini eşidib sair bikar tamaşaçılar da kənardan yığılmışdılar. Şəbanın üç yaşında bir balaca oğlu da Gülsümün qucağında idi. Sabahdan camaat günortayadək dustaqxananın qabağında müntəzir oldu. Axır dustaqxananın zəncir səsi camaatın qulağına gəldi. Hamı bir adam tək yerlərindən qalxıb gözlərini qapıya dikdilər. Qapı açıldı; qabaqca üç nəfər əlitüfəngli soldat çıxdı. Onların dalınca altı nəfər dustaq, kimisi zəncirsiz, soldatlarla əhatə olunmuş çıxdılar. Dustaqların biri Şəban idi. Cavanlıqda şəhərin qızlarının ürəyini cəlb edən Şəbanı İndi tanımaq olmurdu. Rəngi saralmış, başının tükləri ağarmış Şəban altmış yaşında nəzərə gəlirdi. Şaban arvadını, uşağını görən tək qollarını açıb istədi balasını bağrına bassın, amma soldat mane olub daldan bir tüfəng dürtməsi vurdu, yoldaşların gözünün qabağında döyülmək Şəbana o payədə təsir etdi ki, özünü saxlaya bilməyib neçə qətrə yaş gözündən axıtdı. Əlacı kəsilib gendən dost-aşnaya vida edib yola düşdü. Dustaqlar gözdən qeyb olanacan, camaat dallarınca baxırdı. Gülsüm ağlamaqdan bir payədə bitab olmuşdu ki, yolu gedə bilmirdi. Axırda qoltuğuna girib bir tövr evə gətirdilər. Şəban dustaq olan gündən Gülsüm gedib atasının evində olurdu. Gülsümün yükü və dərdi-qəmi gün-gündən artmaqda idi. Şəban gedəndən İki il sonra beş yaşında oğlu çiçəkdən öldü. Atası da o qədər qocaldı ki, daha gözləri qüvvətdən düşüb, başmaq tikməyə qadir olmayıb xanənişin oldu. Qışda Gülsümün anası vəfat etdi. Bu gündən Gülsüm başladı əli ilə işləyib həm özünü, həm də qoca atasını saxlamağa. On İki il bu minval ilə keçdi və bu müddətdə bir yandan qəmqüssə, bir yandan istəkli ərin fərağı, bir yandan gecə-gündüz işləyib, atasından xəlvətə çəkilib ağlamaq Gülsümü bir halətə salmışdı ki, uşaqlar adına Gülsüm nənə deyirdilər. Şəbanın vədəsi tamam oldu. Amma qayıtmağı üçün gərək şəhər əhlindən rizaməndlik alına idi. Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara, hacılara, sövdəgərlərə yalvarıb bir neçə günün müddətində haman kağızı düzəltdi. Bir il də bundan sonra Şəbandan kağız gəldi. Qurtarıb yola düşdü. Biçarə Gülsüm nə növ ərinin yolunu gözləyirdi, onu qələm yazmaqdan acizdir. On üç il istəkli ərindən ayrı düşmüş xanımlar onun halını nəzərə gətirə bilər. Amma əfsus!.. Sədd əfsus! Bu macəranı çox xanımlar oxumaqdan məhrum qalacaqlar. Cavan vaxtından cavan ərindən ayrılmış, ərinin fərağından saçı ağarmış, məşğuliyyəti olan balasını itirmiş Gülsüm, gecələr sübhədək vaqiədə ərinin səsini eşidib hövlnak ayılıb sübhədək ağlayırdı. Axır bir gün məlum oldu ki, bu axşam Şəban şəhərə varid olacaq. Haman bir gün, Gülsüm üçün keçmiş on ildən uzun görünürdü. Sübh Məşədi Məmmədvəli ağacını götürüb getdi bazara. Bir az düyüdən, yağdan, ətdən alıb gətirib verdi Gülsümə ki, axşama plov bişirsin. Axşam azanına plov hazır idi. Yatağa təmiz fərş salıb Şəbanı gözləyirdilər. Gülsüm də bir dəst çit libas geyib ərinin gəlməyinə müntəzir idi. Gah pəncərədən baxırdı, gah tez-tez darvazaya gedib qayıdırdı. Bir də gördü qonşusunun oğlu qaranəfəs gəlir: – Gülsüm xala, muştuluğumu ver! Şəban əmi gəldi! Gülsüm, olan yarım manat pulunu çıxarıb uşağa verib getdi darvazaya. Gülsüm belə güman edirdi ki, Şəban bu on üç ilin müddətində əsla dəyişməyib. Yarım saatdan sonra neçə nəfər köhnə rəfiqlərlə Şəban daxil oldu; bilmərrə qocalmış; baş, saqqal qar tək ağarmışdı. Gülsümün və Məşədi Məmmədvəlinin şadlıqlarının intəhası yox idi. Şəban gəlib əyləşən tək qonşularından bir neçə adam göz aydınlığı verib, bir az da söhbət edib getdilər. Xalq çəkiləndən sonra plovu ortalığa qoyub Məşədi Məmmədvəli, Şəban və Gülsüm bir qabda yeyib “əlhəmdülillah” – deyib çəkildilər. Şəbanla Gülsüm o gecə sübhədək yatmayıb qabaq-qabağa söhbət etdilər. Bir neçə gün Şəbanın yanına dost və aşna gəldi; axırda Şəban arvadını da götürüb öz evinə köçməyə qərar qoydu. Məşədi Məmmədvəli dedi: – Bala, Şəban, mənim sinnim yetmişdən addayıb. Gözlərim çoxdan xarab olub. Iş görə bilmirəm. Məni sən bu halda qoyub hara gedirsən? Mən bilirəm, sənin əlində mayan yoxdur. Yaxşı olar ki, hamımız bir evə yığılaq. Bu evi də sataq, əlində maya qayır, dolandır. Belə də elədilər. Şəban köçdü öz evinə və bir neçə gündən sonra Məşədi Məmmədvəlinin evini səkkiz yüz manata satdılar. Şəban yenə bir dükan açıb başladı gön alış-verişinə. Amma bu dəfə Şəbanın işi tərəqqi edə bilmirdi. Əvvələn, qocalmışdı, əlavə, ticarətdən on altı ilin müddətində yadırğamışdı və yeməyi, geyməyi, qonaqlığı çox dost tutduğundan, gündə İki manat qazananda üç manat xərc edirdi. Bu da ticarət qaydası deyildir: “Mərd bebayəd girist, Ki hicdəh mədaxil bəvəd, xərc bist”. İki, üç il sonra maya əldən çıxdı. Məşədi Məmmədvəli də davam etməyib naxoşlayıb vəfat etdi. Şəbanın mayası əldən getdi. Əgər arvadı O kişi gərək ağlasın ki, on səkkiz mədaxili ola, amma iyirmi xərci. olmasa idi, başına yəqin hava gələrdi. Arvad işləməklə, fala baxmaqla, çöpçülüklə qazanırdı. Şəban da həmişəki qaydada yeyib, içib, təravət ilə dolanırdı. Sübh yerindən qalxan tək Şəban gedərdi məscidə, oturardı qazının hücrəsində, günortayadək qazı ilə və qazının yanına gələnlər ilə söhbət edərdi. Günorta gələrdi evə, naharını yeyib gedərdi məscidə. Günü axşamadək məsciddə keçərdi. O səbəbdən də adını “Şeyx Şəban” qoymuşdular. Bu növ axırda əmələyi-mövta cərgəsinə daxil olub, qazının qulluğuna hər bir yerə gedərdi. Toylar, ehsanlar Şeyx Şəbanı mollalardan ayırmayıb dəvət edərdilər. Axırda da bikarçılıqdan təngə gəlib başladı məscidin qabağında pinəçilik etməyə. Bir sübh şəhər əhli Şeyx Şəbanın azanını eşitmədi. Hamı təəccüb etdi. Dedilər “yəqin ona bir hadisə üz verib”. O günü Şeyx Şəban heç məscid qabağında görünmədi. Üç gündən sonra eşitdilər ki, Gülsüm xala Allahın rəhmətinə gedib. Şeyx Şəban tək qaldı. Bazarda müqəvva tək gəzirdi. İşləyə bilmirdi. Həmişə təravətli saxlanmış saqqal yavaş-yavaş başladı ağarmağa. Axırda həna bilmərrə gedib, saqqal təmiz ağardı. Hətta səsi də dəyişilib dəxi keçmiş məlahətini itirmişdi. Axırda ayaqları da zəifləşib minarəyə çıxa bilmədiyindən azan verməyi də tərk etdi. Hər axşam Şəban evə gələndə xəyal edirdi ki, Gülsüm həmişəki tək onun qabağına çıxıb əlinə su tökəcək. Öz əli ilə qəbrə qoyduğu Gülsümün öldüyünə inanmayırdı. Evə gəlib qapıda asılmış qıfılı görəndə əvvəl özündən sual edirdi ki, bu qapını kim bağlayıb? Sonra yadına düşürdü ki, qapını özü bağlayıb. Açar da cibindədir. Qapını açıb daxil olurdu boş otağa. Özü çırağına neft töküb yandırırdı, manqala kömür qoyub qızardıb, su qaynadıb özünə çay qayırırdı. Gülsüm xalanın vəfatından il yarım keçmişdi. Bir gün Şeyx Şəban qəbiristandan qayıdarkən bir şiddətli yağışa düşüb sümüklərinədək islandı. Evə gəlib başında, bədənində və gözlərini çanağında bərk ağrı hiss etdisə də, etina etməyib yatdı. Sübh hərçi çalışdı, başını yasdıqdan qovzaya bilmədi. Naxoşluq getdikcə şiddət etdi. Axırda Şəban sərsəm halətinə gəldi. Sərsəmləyən vaxtda dilindən Gülsüm adı bilmərrə düşmürdü. Şeyx Şəbanın bu halətindən heç kəs ona mütəvəcceh olmurdu. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə, təbibsiz, dərmansız ömrünün axır saatını gözlüyürdü. Bir gecə azarın intəhasız şəddiətindən şeyx gördü ki, qapı açıldı və Gülsüm daxil olub qapının arasında dayandı. Şeyx nə qədər səslədisə də Gülsümdən bir səs zahir olmadı. Axırda hövlnak qalxıb özünü qapıya tərəf atıb tufan qoparmış ağac tək yıxıldı yerə! Sübh qonşular Şeyx Şəbanın meyitini tapdılar. * * * Həmşəri pasportu Rusiyanın şimal yerlərinin payız aylarını hər kəs bir dəfə görmüş olsa, belə güman edirəm, İkinci payız fəslində məcbur olmasa, o yerlərə getməz. Başına gələn başmaqçı olar. Rusiya payızından nə çəkmişəm, onu mən bilirəm. Odur ki, əgər sentyabr ayında, ya oktyabrda mənim papağımı başımdan alıb şimali Rusiyaya atalar, dalınca getmərəm. Bəlkə qorodovoy qabağına qatıb aparalar. Bəzi vaxt yağış başlayanda bir həftə müttəsil yağır. Ta bir göz açıb iş görməyə macal vermir. Bir də görürsən, gözəl gün çıxıb, göyün üzündə bir damcı bulud yox, tez sevinmiş durub havaya çıxırsan. Bir saatdan sonra bilmirsən yağış adamın başına haradan tökülür. Paltosuz, qaloşsuz, islanmış qayıdırsan evə. Əgər zatəlcənb də tutmasa, yəqin ki, bir zökəm tutacaqsan. Yainki yağış yağan vaxt çox vacib işin olur. Labüdd qalıb, durub paltodan, qaloşdan geyib çıxırsan küçəyə. Bir də görürsən yarım saatdan sonra yağış kəsdi, bulud dağıldı, bir isti gün çıxdı. Paltonun, qaloşun hər biri beş pud olur. Gərək bir hambal tapıb verəsən yanınca götürsün. Belə günlərin birində papağımı gözümün üstünə basmış, paltonun boynunu qovzamış, sürətlə gedirdim. Bir də gördüm səs gəlir: – Oğlan, saqqala niyə salam vermirsən? Tez geri dönüb, gördüm mənim Dəccalabad rəfiqlərimdəndir. Bir rezin bürünük bürünüb, bürünüyün torbasını da başına geyib. Soyuqdan yanaqları qızarıb. Burnundan su axır. – Bah, salaməleyküm! – Ay əleykəssalam! – A kişi, sən nə əcəb gəlib buraya çıxmısan, xeyirdinmi? – Lənət şərə, xeyir olmamış nə var! Özün bilirsən ki, ilin bu vaxtında işsiz adam gəlib buraya çıxmaz. – Bəs sən nə iş görürsən? – Iş də görmürəm, işsiz də deyiləm; qəza məni dolaşdırıb salıb buraya, bir neçə gündən sonra qaçacağam gözəlcə Dəccalabada. – Necə qəza dolaşdırıb? – İş uzundur, gəl mənzilə söhbət edək! – Harada düşmüsən? – “Qryaznaya nomera”da. Sətəlcəm – Axşam saat səkkizdə mənzildə ol, gələrəm. – Gözlüyürəm. – Xudahafiz! – Xudanasir! Axşam saat səkkizdə, gecə paltomun boynunu yuxarı qovzayıb, papağımı gözlərimin üstünə basıb birbaş “Qryaznaya nomera”ya rəvan oldum. Qapıçıdan soruşdum: “Filankəs mənzilindədirmi?” Dedi: “Buyurun, mənzildədir!” Və cavab vermədən qabaq İkiqat baş əyib, İki barmağı ilə boynunun ardını qaşıdı. Boyun ardı qaşımaq Rusiyada bir zəbani-haldır. Bunun mənası budur ki, “buraya gəlib-gedəndə kasıbkusubu unutma!” Çıxdım yuxarı. Dörd otaq keçib yeddinci otağın qapısını döydüm. Dostum fövrən qapını açıb dedi: – Buyur, a kişi! Sən xalis nemsə imişsən. Dedim: – Necə nemsə? Dedi: – Nemsələr bir camaatdırlar ki, öz işlərində həmişə dəqiq olarlar və verdikləri sözə də, öz vaxtından bir dəqiqə keçməyib əməl edərlər. Biz dəccəlabadlılar, bir aya pul borc alıb bir il bir aydan sonra veririk. Müsəlman qardaşa saat səkkizə müntəzir olarsan, üç gün sonra gələr. Amma sən saat səkkizin dəqiqəsini ötürməmisən. Dedim: – Səhv etmə, mən də sən deyən müsəlman qardaşdanam, amma yerin xasiyyəti məni dəyişdirib. Bir az gülüşdük, sonra rəfiqim məni samavara tərəf çəkib dedi: – Soyuxdan gəlmisən, hələ gəl bir az çay içək, qarnın qızışsın. Əyləşdik stolun yanında, buxarı asimana bülənd olan samavarın qulluğunda. Rusiyanı görməyənlərə bunu ərz etməliyəm ki, Rusiya nömrələrində həşəratül-ərzdən hər nə istəsən tapılar: birə, taxtabiti, siçan, tarakan deyilən bir növ dozanqurdu ki, adına bizim kəndlərdə “qara fatma” deyirlər. Bu bir heyvandır; boyu gödək, amma Ali-Qacar bığlarına bənzər uzun bığları olur. Bunlardan əlavə, rütubət qoxusu nömrələrin zinətidir. Bununla bahəm, Rusiya nömrələrinin samavarına söz ola bilməz. Bir qətrə suyu qalınca qaynardan düşmürlər. Bəli, adama bir stəkan çay içəndən sonra rəfiqim İkinci stəkanı töküb dedi: – Qardaş, mən başıma gələn əhvalatlardan nəğl edim, dürüst qulaq ver. Amma bu söhbəti bir yerdə açıb danışmayasan. Dedim: – Filani, bu nə sözdür? Məgər məni tanımırsan? Allaha şükür ki, otuz ildən artıqdır bizim rəfaqətimiz var. Məgər bizim aramızda olan keyfiyyəti bir yerdə mən danışmışam? Dedi: – Xeyr, genə tövsiyə edirəm. Mən söz verdim ki, bir kəsə deməyim və sözümün üstünə İndi də möhkəm durmuşam. Rəfiqimdən eşitdiyimi qiyamətədək bir zinəfsə demərəm, yazmağa baxmayın. Yazmaq başqa, danışmaq başqa. Yoldaşım dedi: – Di, İndi qulaq as! Mən çaydan İki qurtum alıb dedim: – Buyur! Yoldaşım başladı: – Mənim, özün bilirsən, Dəccalabadda İki oğlum var, İki qızım. Bir gün zənnlə baxıb gördüm oğlanlarım da böyüyüblər, qızlarım da. Gərək oğlanları evləndirəm, qızları da ərə verəm. Amma cibimdə təzə ay çıxanda üzünə baxmağa bir gümüş pul yox. Uşaqların fikri məni aldı. Neçə gün divanə kimi gəzdim. Bir gün dolana-dolana gedib çıxdım haman sən gördüyün “Insafiyyə” mehmanxanasına. Yadındadırmı, bir dəfə oturub, söhbət etdiyimiz yerdə, kürsü altında dağıldı. Yıxıldın, böyrün əzildi, neçə gün ondan axsadın? – Çox yaxşı yadımdadır, hələ burası da yadımdadır ki, kürsünün pulunu da məndən aldılar. – Bəli, getdim “Insafiyyə” mehmanxanasına. Oturub mehmanxana sahibi ilə söhbət edirdik. Bu halda beş-altı nəfər iranlı daxil oldular, nömrə istədilər. Bunların altısına bir nömrə verib, hamısından başburt istədilər. Müsafirlər başburtlarını bir-bir çıxartdılar, verdilər. Bir nəfəri də başburtu kontorçuya uzadıb dedi: “Sən Allah, yaxşı yerə qoy itməsin, özgənİndir”. Iranlılar getdilər mənzillərinə. Mən kantorçudan xəbər aldım ki, məgər özgə başburtu ilə də gəzmək olar? Dedi: “Iranda olar. Bu kişinin işi yəqin təcilə düşüb, yoldaşının başburtunu götürüb, gəlib. Yoldaşı da bir yerə getmək istəsə gedib bir neçə manat verib, bir ayrı başburt alıb, onunla hara lazımdır, yola düşəcək. Nə dəftərə baxmaq var, nə haralı olduğunun təhqiqi var; pul ki verdin, yazıb verirlər”. Soruşdum: – Bəlkə mən getdim başburt istədim, verərlər? Dedi: – Dur gedək sənə bir gündə həştad həmşəri başburtu alım. Bir az da söhbət etdik. Durdum, evə tərəf yola düşdüm. Kontorçunun söhbəti məni tutdu. Gəldim evə. Nə qayda ilə çay içə bildim, nə şam yeyə bildim. Gecə də sübhədək gözümə yuxu getmədi. Yorğanın altında o tərəfimdən bu tərəfimə dönüb, fikir edirdim ki, kontorçunun köməyi ilə əlimə beş-on dənə həmşəri başburtu sala bilsəm, işim işdir. Sübh tezdən durub, bir stəkan çay içib, birbaş getdim “İnsafiyyə” mehmanxanasına. Gördüm kontorçu öz yerində əyləşib, çotka çəkir. – Salaməleyküm! – Əleykəssalam! Dedim: – Əzizim, gəlmişəm, zəhmət çək mənim üçün bir neçə ədəd başburt düzəlt. Dedi: – Baş üstə, axşam buraya zəhmət çəkərsən, cavab verərəm. Axşam genə getdim mehmanxanaya. Kontorçu cavab verdi ki, lazım olan adamlarla danışıb; hər başburta on manat pul istəyirlər. Mən tez yüz manat çıxarıb verdim. Təvəqqe etdim ki, mənim üçün on ədəd başburt alsın. İki gündən sonra, hər biri bir adamın adına yazılmış on dənə başburt qoltuq cibimdə hazır idi. Evə gəlib, oğlanlarıma xəbər etdim ki, mənim bir-İki aylıq Rusiyaya səfərim var və tapşırdım ki, evdən, eşikdən muğayat olsunlar. Xülasə, evi böyük oğluma tapşırıb mİndim paraxoda. Birbaş getdim Hacıtərxana, düşdüm mehmanxanaya. Sübh getdim keşişin qulluğuna. Söylədim ki, mən İran əhliyəm, gəlmişəm qulluğunuza ki, mən pravoslavni məzhəbinə döndərəsiniz. Keşiş çox məmnuniyyətlə mənim əlimi sıxıb, alnımdan öpdü və mənim dönməyim üçün gün təyin etdi. Müəyyən gün kilsəyə gedib, gördüm qapıyadək adam cəm olub. Məndən başburt istədilər. O saat təqdim etdim. – Mamağanlı Dursunəli Ballıbadı oğlu. Böyük bir cəlalla məni döndərib pravoslavni elədilər. Hər tərəfdən camaat başıma pul yağdırdı. Evə gəlib gördüm iki yüz manatdan artıq pul cəm olub. Sabahı günü Hacıtərxandan yola düşdüm Sarısinə tərəf. Orada da ikinci başburtu keşişə təqdim etdim? – Mərəndli Səbzəli Sultanəli oğlu. Orada da, həmçinin, çox pul yığdım. Sarısindən Xarkova, oradan Kiyevə (Kiyevdə hər yerdən çox pul yığıldı). Beləliklə, şəhərləri gəzib, gəldim çıxdım buraya. İndi cibimdə iki dənə başburt qalıb. İkicə dəfə də dönsəm, işim düzələr. Gecə yarı idi, durub “xudahafiz” edib çıxdım. Güclü yağış yağırdı. Bir fayton tutub gəldim evə. Rəfiqimlə neçə gün görüşə bilmədim. Sonra getdim, eşitdim ki, çıxıb gedib Qafqaza. Neçə il ondan sonra onun harada olduğunu bilmədim. Bir dəfə Tiflisdə ikən küçədə qabağıma çıxdı. – Salaməleyküm, rəfiq, işlər necədir? – Necə olacaq. Oğlanlarımı da evləndirmişəm, qızlarımı da ərə vermişəm. Özüm də papağımı əyri qoyub padşah kimi gəzirəm! – dedi. * * * Röya Saat dörd idi. Möhkəm nahardan sonra gedib, şəhər bağının bir guşəsində əyləşib təmiz havanı tənəffüs etməyə məşğul idim. Bağın yanındakı küçə ilə qiymətli libaslar geyinmiş xanımlar avtomobillərdə, faytonlarda o baş-bu başa çapırdılar. Dörd ətrafımda balaca uşaqlar bağ içində oynamaqda idilər. Bağın xiyabanlarında camaat da az deyildi. Qəzetə və meyvəcat satanlar camaat arasında gəzib, hər kəs öz mətaını təklif edirdi. Gözlərim bu mənzərəyə məşğul ikən qulağıma “sələməleyküm” səsi gəlidi. “Əleykəssəlam” deyib başımı qovzadım; gördüm bir nəfər sinni altmışdan ötmüş şəxs, beli bükülmüş, gözləri çuxurda, ağ uzun saqqalı, əynində bir uzun palto, başında çərkəzi börk durub. Mən bu şəxsə baxanda dedi: – Dünən mən sizi bazarda bir acarlı müsəlmanı ilə bir yerdə gördüm, zatialiləriniz müsəlmandırmı? – Eşitmədinizmi məgər, salamınızın cavabını verdim; əlhəmdülillah, müsəlmanam, əyləşiniz, əfəndim. – Rica edirəm, əfəndim, bəndəni əfv ediniz. Mənim sualım qəbih sual oldu, nəhayət, libasınızdan şəkkə düşdüm. – Eybi yoxdur, əfəndim, əyləşiniz. Şəxs əyləşdi. Bir qədər sükutdan sonra cibindən tənbəki və kağız çıxarıb, qabaqca mənə təklif etdi: – Buyurunuz, əfəndim, siqara çəkiniz. – Təşəkkür edirəm, əfəndim, bəndə papiros çəkmirəm. Şəxs özü bir papiros büküb, yandırıb bir-İki dəfə çəkdi, sonra yenə üzünü mənə tərəf tutub soruşdu: – Siz haralısınız, əfəndim, isminiz nədir? Mən cavab verdim. Şəxs bir-İki dəfə mənim adımı təkrar edib dedi: – Bən də acarlıyam, ismim Süleyman əfəndidir; qaç gündür ki, buraya varid olmuşam. Sizin yerlərin əhalisi nə ilə güzəran keçirirlər? – Ticarətlə, ziraətlə, dəhat əhli əksərən ziraətlə məşğuldurlar, bəndə özüm də əkinçiyəm. – Nə qədər yeriniz var? Yerin neçə desyatin olduğun dedim. – Sizlər desyatin nəyə deyirsiniz, əfəndim? – Səkkiz pud buğda səpilən yerə desyatin deyirik. – Bu hesabdan mənim qırx desyatindən ziyadə yerim var idi. Süleyman əfəndi bir dərin ah çəkdi: – Şəhərdə imarətim var idi, aşağı mərtəbəsi dükanlar, üstü mənzillər. İndi, əfəndim, evim, dükanlarım dağılıb yerim bilmirəm necə olub, ailəm var idi, İki qoçaq oğlanlarım var idi; biri iyirmi beş, biri otuz yaşında: övrətim, balaca qızım bilmirəm haradadırlar, oğlanlarımın İkisini də zalımlar, birəhmlər gözümün qabağında... Bu yerdə Süleyman əfəndinin nitqi tutulub, sifətinin qırışlarının hər yeri bir arxa dönüb, gözlərinin yaşı silab tək sifəti və saqqalı uzunu axdı. – Mən bir şəxs sayılırdım, əfəndim! Gözəl yurdum var idi, dövlətim var idi. Atlarımın, mallarımın, qoyunlarımın hesabı yox idi. Hamısı əlimdən getdi... hamısı!.. Nə etmədi, məsləhət tanrınındır. Malı mən qazanmışdım, yenə qazanaram, özüm qocalmışam, oğlanlarım qazanardı, kaş balalarım əlimdə qalaydılar... Ax, gözəl oğlanlarım, məni divanə edib avara salan balalarım!.. Süleyman əfəndinin gözündən dübarə yaş cari olmağa başladı. Mən ona təskin vermək üçün dedim: – Əfəndim, məsləhət bizi yaradanındır, səbr edin, bir papiros da çəkiniz, xəyalınız dağılsın. Süleyman əfəndi qoltuğundan dəsmal çıxarıb gözlərini sildi. Birdən hövlnak yerindən qalxıb, əyilmiş bədəninin düzəldib, bir halətlə mənim sifətimə baxdı ki, həqiqət bədənimə lərzə düşdü: tamamən qeyz tutub, gözləri böyüyüb, yanaqları qızarıb, əlləri uçundu... Bir dəqiqə bu növ mənim üzümə baxandan sonra acıqlanmış qışqırdı: – Kimdir deyən ki, mənim oğlanlarımı öldürüblər? Mənim igid oğullarımı kim öldürə bilər? Onların hər birisi yüz adama cavab verməyə qadirdir! Kim mənim oğlanlarımın vücudu ilə mənim ailəmə əl uzada bilər? Heç kəs!.. Heç kəs!.. Salamatdırlar! Ancaq məni arayırlar, mən də onları arayıram. Tapacağam balalarımı! Övrətimi tapacağam, yenə öz mülkümüzə qayıdacağıq, yenə mən həmin Süleyman əfəndi olacağam ki, var idim! Hamısı salamatdırlar! Qulaq ver, əfəndim, gör mənim qoyunlarımın nə gözəl mələşməsi gəlir! Eşidirsinizmi? Qulaq verin, əfəndim! Can! Səslərinizə qurban olum, gözəl qoyunlarım, səbr ediniz, sahibiniz tez gələr. Bu yerdə Süleyman əfəndinin haləti təğyir tapıb bədəni zəifləşib yenə əyləşdi. Mən dedim: – Süleyman əfəndi, rahat olun, papiros çəkin. Süleyman əfəndi bir papiros çəkdi, sonra yenə üzünü mənə tərəf tutub söylədi: – Yox, əfəndim, yox! Hamısı qırıldı, hamısı dağıldı, öz gözümlə gördüm. Mən dedim: – Əfəndim, naxoşsunuz, mənziliniz haradadır? Buyurun sizi aparım. Dedi: – Dərbənd nömrələrində. Süleyman əfəndinin qolundan tutub durğuzdum. Bir-iki qədəm gedəndən sonra yenə dayandı. – Əfəndim, bağın ayağından üzü o yana gedən oğlanı görürsünüzmü? Bax, o mənim böyük oğlumdur, ölməyib, məni arayır. Bala, getmə, gəldim! Dayan, bala, dayan! Bu sözlə Süleyman əfəndi bağın ayağına tərəf yüyürmək istədi. Nə qədər səy etdim, saxlamaq mümkün olmadı, əlimdən çıxdı, amma üçbeş qədəmdən sonra yıxılıb bihuş oldu. Bağda gəzən camaat cəm oldu bizim ətrafımıza. İki nəfər şəxsin köməyi ilə Süleyman əfəndini götürüb bir skamyanın üstünə qoyduq. Bir az vaxtdan sonra gözlərini açdı, başladı camaata məhbut baxmağa. Bir xanım gedib su satandan bir şüşə limonad alıb gətirdi. Süleyman əfəndi sudan içib, bir az halətə gəlib dedi: – Əfəndim, məni mehmanxanaya göndərin. Bu halda mənim acarlı dostum da bir tərəfdən çıxdı, bir fayton çağırıb, Süleyman əfəndini acarlı dostumla bir yerdə mİndirib yola saldım. Süleyman əfəndi getdi. Mən yenə qayıdıb öz yerimdə əyləşdim. Evindən, külfətindən, oğlanlarından, mal və əmlakından əli çıxıb, Məcnun tək divanə olub, Yəqub tək “bala vay” naləsi ilə avara qalmış qoca bir kişinin xəyalı mənim bütün vücudumu işğal etdi. Axşamdan xeyli keçincə şəhərin bağlarını, küçələrini laənşüur dolandım. Hərçi səy edirdim, Süleyman əfəndinin axırkı haləti gözümün qabağından getməyirdi. Saat doqquzdan adlamışdı. Getdim “Dərbənd” nömrələrinə, gördüm qoca yatıb və dostum da əyləşib onun yastığının yanında. Gecə yarısı xudahafiz edib gəldim mənzilimə və soyunub rəxtxabə girib, yorğanı çəkdim başıma. Neçə saat yata bilmədim. Axır huşa gedib özümü bir kiçik şəhərdə gördüm. Gözəl imarətlər, rast küçələr, bazarlar, hər evin ətrafında xırda bağçalar və bağçalarda çarhovuzlar. Gördüm Süleyman əfəndi atlı gəlib bir evin qabağında atdan düşdü və evi dəqqilbab etdi. O saat qapı açılıb, bir tənumənd oğlan içəridən çıxdı. Atasını görüb təzim etdi və atı onun əlindən alıb çəkdi həyətə. Süleyman əfəndi daxil oldu evə. Baxdım ki, mən də evin içindəyəm, amma heç kəs məni görməyir. Süleyman əfəndi bir döşəkcə üstündə əyləşib sağ tərəfində övrəti və qızı, sol tərəfində İki nəfər gözəl oğlanlar. Xanım çay töküb əyləşənlərə verir. Süleyman əfəndi keçmiş günlərindən söyləyir. Birdən evin divarları titrəşdi, hamı hövlnak yerlərindən qalxdılar, mən çıxdım eşiyə, gördüm göydən od yağır, yerdən alov çıxır, evlər birbəbir uçurlar, toz duman kimi dünyanı bürüyüb, bu yerdən patıltı səsi gəlir; övrətlərin, uşaqların qışqırtısı, heyvanatın nərəsi, uçan imarətlərin gurultusu hamısı bir-birinə qarışıb. Bir azdan sonra gördüyüm gözəl şəhər bir xarabazara döndü. Itlər, canavarlar, gördüm, insanların nəşlərini sökürlər, qara libas geyinmiş şəxslər xarabaları birbəbir axtarıb əllərinə keçən əşyadan yüklənib gedirlər, dübarə yenə gəlib xarabaları axtarırlar, amma nə isə məni heç kəs görmür. Mənzərə dəyişilib, özümü bir böyük səhrada gördüm, səhra bir tərəfdən uca dağlara təkyə edirdi, ətrafı qar basmışdı. Soyuq külək hər tərəfdən gurultu ilə əsib səhranın qarını dərya tək mövcləndirirdi. Birdən göydən yağan qarla yerdən toz kimi qalxan qar hamısı bir-birinə qarışıb dünyanı qaranlıq edirdilər. Külək sakitləşib, qar seyrəklənəndə yenə dağın sinəsi görünürdü. Bir də gördüm bir nəfər övrət bir qızın qolundan tutub dağın ətəyi ilə gedir. Övrətin yaylığı və qıçlarına dolanmış tumanı küləyə tabe olub özündən qabaq yellənirlər. Balaca qız hərdən deyir: – Ana can, soyuqdan öldüm, bəs bibim evinə nə vaxt çatacağıq? – Səbr elə, bala! Dağı adlasaq, bibin evi görünəcək. Tez yeri, bala! – Ayaqlarım yorulub, ana can! Qardaşım canına, yeriyə bilmirəm. Vallah, deyəsən öləcəyəm, bir yer yoxmu, ana can, orada dincimizi alaq? – Gedək, bala, bəlkə yer tapdıq. Külək gəldikcə şiddətlənib, gah bəm, gah zil səsi ilə guvuldayırdı. Qoca övrət gücü gəldikcə yüyürürdü və qızı da özü ilə çəkirdi. Balaca qız əllərini qoynuna dürtüb, sızıldaya-sızıldaya anasının yanınca sürünürdü. Küləyin guvultusuna dürüst qulaq verib gördüm külək səsi deyil, insan naləsidir! Küləyin bəm guvultusu kişilər nərəsidir ki, səs-səsə verib qışqırırlar: – Oğul vay!..Bala vay..Oğul... Oğul! Övrətlər səs-səsə verib qışqıranda, küləyin səsi hərdən zilə dönür. İkinci məni təəccübə gətirən halət bu idi ki, göyün üzünü qara bulud tutmuşdu. Amma buludlar arasından ulduzlar parıldaşırdı və qışın soyuğunda qətrə-qətrə yağış tökülürdü. Göyün üzünə dürüst baxıb gördüm başımın üstündə bulud hesab etdiyim övrət başlarıdır ki, pırtlaşmış sacları bir-birinə dolaşıb, qara bulud tək havada dolanırlar və işıldayan ulduzlar anaların, bacıların gözləridirlər ki, yerə qətrə-qətrə yaş tökürlər. Gözümü göydən döndərib, yenə dağın ətəyi ilə gedən ana-balaya tərəf baxdım. Gördüm övrət bir daşın dalında əyləşib, balaca qız da özünü onun ağuşuna qısıb deyir: – Oxay, ana can, necə istidir, bax İndicə bədənim qızışdı. Amma anadan səs gəlmir. Bir də baxdım ki, ana-bala İkisi də qalxdılar havaya, onların pırtlaşmış saçları qalan saçlara dolaşıb, işıldayan gözlərindən başladı yaş tökülməyə. Qəflətən bir dəhşətli qışqırtı eşidib, üzümü geri çöndərdim, gördüm Süleyman əfəndi əllərini göyə qovzayıb deyir: – Bax, odur, balam oradadır, övrətim də onun yanında! Bala, gəl!.. Bala, gəl atanın ağuşuna!.. Bala, gəl! Süleyman əfəndinin qışqırtısına oyanıb, gördüm soyuq tər basmış bədənim bütün lərzədədir. Sübh saat səkkizdir. Durub, libasımı gedim. Üzümə su vurub aram oldum. Çay içib çıxdım küçəyə. Gördüm camaat dəstə-dəstə gedir. O saat yadıma düşdü ki, bu gün mövludinəbidir, hərbzadələrə ianə yığacaqlar. Mən də məscidə tərəf rəvan oldum. * * * Mirzə Səfər Ağ çuxalı, ağ arxalıqlı, İkiüzlü Buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. Hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı. Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün İki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir özözünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda İki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılar. Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı və dedi: – Afərin, Səfər, İndi xalis şairsən! Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri qızarıb, daha şairliyinə şəkk ola bilməzdi. Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, dörd, beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-İki baş gəzİndi. Hərçi fikir etdisə, şeri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib qələmi alıb gözəl xətlə yazdı: Darvazamızı fələk vurubdu! Mirzə Səfər hərçi çalışdısa, İkinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi. Mirzənin atasının evində saat birdə nahar yeyilirdi. Bu dəfə saat bir oldu, İkidən addadı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü: oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirslə yerə çırpıb deyir: “Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu!” Atası qapının açıb otağa daxil oldu: – Ay oğul, bu nə halətdi səndə? Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: “Darvazamızı fələk vurubdu!” Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yavuqlaşıb, kağızda yazı görüb oxudu: “Darvazamızı fələk vurubdu!” Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdu. İrəliləyib, oğlunun boynundan yapışıb dedi: Darvazamızı fələk vurubdur! Sən tək bişüuru mənə veribdi. – Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar. Oğlunu otaqdan çıxarıb apardı nahara. Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi. Ancaq cavab verdi ki: qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana getməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm. Mirzənin anası xatircəm evə qayıtdı. Qız qapının dalında durub danışığa qulaq açırmış. Anası qonağı yola salıb qayıdanda, qızını gözü yaşlı görüb, xəbər aldı: – Ay qızım, nə olub sənə, niyə ağlayırsan? Qız cavab verdi: – Ana can, danışdığınızın hamısını eşitmişəm, məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə. – Ay qız, Səfər necə oğlandı, niyə xoşuna gəlmir? – İstəmirəm, ana can, qurbanın olum. – Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə heç atan razı olmayacaq. Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başı aşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını gözünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də movzun deyildi. Belə adamları qızlar sevməzdilər. Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi: – Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, gərək İki ev saxlayaq; qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın... – Axır onlar bizdən cavab gözləyəcəklər? – Bir gün gözləsinlər, eyb eləməz, sabah bir dükan qonşum Hacı Əbdüləzimə də məsləhət eləyim, o, bir ağıllı, dünya görmüş kişidir. Səhər qızın atası Hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi: – Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kor pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz, hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir, gecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə gəlibsən, mən məsləhət görmürəm. İki gündən sonra Səfərin anasına sifariş göndərdilər ki, böyük qız ərə getməyincə, kiçik qızı atası heç kəsə verməyəcək. Keyfiyyət Səfərə təsir edib, onu naxoşluğa salır. Atası oğlunun halətini görüb dedi: – Ay bala, niyə xiffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qoməqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə bu sövda da başından çıxa. Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü hardansa, adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır: Fəzayi-eşqdə Məcnunə nisbət, Nə düşübsən biyabana, ay Səfər! Hansı Leyli salıb dami-zülfünə Gətiribdir səni cana, ay Səfər! Mahtab tələtli, kim vermiş firib, Dərdinin dərmanın tapmamış təbib. Yar ilə aranı vuran səg rəqib, Pərvanə tək oda yana, ay Səfər! Yarın çox gözəldir, nə pünhanı var, Dövlətinin nə ədədi, sanı var. Deyirlər ki, ancaq bir nöqsanı var... Məhəl qoymaz sən tək cana, ay Səfər! Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeri özü çox həvəslə oxuyardı. Mirzə Səfər kənddə ikən qızı Hacı Əbdüləzimin oğluna verdilər. * * * Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi. Mirzə Səfərlə biz tanış olanda, onun yaşı qırx beşlə əllinin arasında idi. Özü də qəza dəftərxanasına qulluq edərdi. Rusca savadı az olduğundan, ancaq işi mübəyyizlik idi. Iyirmi beş manat da maaşı vardı. Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi – saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb divarın daşına dayayıb, ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi. Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən, tərcümələri də çox tuhaf çıxırdı. Başlardı: – Usta Zeynal, gör şair nə gözəl deyib: Xoş əst badeyi-gülgün ba kəbabi-şikari, Zidəst saqiyi-gülçöhrə dər kənari-buxari. Nə əz bəhri-niguyi-gül bə pişət dəstə avürdəm, Zixubi-laf mizəd gül giriftə bəstə avürdəm. Afərin şairə! – deyib qozun ləpəsindən birin ağzına qoyardı. Usta Zeynal, həmçinin, bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı. Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: “Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək İkiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə gəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib, ayağımdan çıxar”. Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi İki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: “Nə vaxt qapılarına çörəyə getsəm – verməsinlər”. Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, katibdən öz kağızından dolayı məlumat istəyir, katib cavab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir: – Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım. – Dayan, bu saat yazaram, əlimdə özgə iş var. – Bilirsiniz, mən Həsən ağanın qohumuyam? Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı. – Doğrudan Həsən ağanın qohumusan? – Doğrudan. – Sən Allah, Həsən ağanın qohumusan? – Vallah, doğru deyirəm. – Sən Həzrət Abbas, Həsən ağanın qohumusan? – Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. – Deyinən sən öl, Həsən ağanın adamıyam. – Sən öl, Həsən ağanın adamıyam. – Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar, apararsan. İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri, idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqrammaları qəbul edərdi. Bir gün növət Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi. Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar. Mirzə bunların birisinə əl elədi: – A kişi, bura gəl, bura gəl. Kişi durub gəldi. – Nə buyurursan, Mirzə? – Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz? – Mən nə bilim, ay Mirzə. – Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz? – Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam. – Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın. Bir dəfə nə üstə isə naçalnİkin buna qəzəbi tutub dedi: – Səfər! Papağını götür, buradan get! Mirzə Səfər qalxıb şax naçalnİkin sifətinə baxdı. – Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda, papağımı qoyub getməyəcəyəm. “Külahın satgilən xərc et, tüfeyli olma namərdə, Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!” Şeri oxuyub, bir növ rusca tərcümə etdi. Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı. Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar. Mirzə Səfərin İki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdular. Mirzənin məişəti ağır olduğundan, məktəb nəzdində olan cəmiyyətixeyriyyə onun uşaqlarını dərs pulundan azad etmişdi. Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcək, pul verməsələr, hər İkisini məktəbdən xaric edəcəklər. Sabahı gün Mirzə naçalnikdən izn alıb məktəb müdirinin yanına getdi. Müdir dedi: – Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə məlum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər İkisi yaxşı oxuyurlar. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. Iş onun əlindədir. Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Iclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı: – Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz. Ağa cavab verdi: – Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridirlər. Yəqin yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər. Mirzə Səfər məyus evə qayıtdı. Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda, Mirzə dedi: – Nə eləyim, ay arvad, bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı. – Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki, az-çox oxuyublar, çörəksiz qalmazlar. – Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin özümü öldürərəm. Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına. Həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı: – A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola? – Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub. – Söylə görək. – Nə söyləyim? Həsən ağanın evi başına uçsun, gedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm İkisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. Hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm. Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü. Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi: – Usta Zeynal, bu nə təklifdir mənə edirsən? Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın İkisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar. Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü. – Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məcazi aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, İndi bir az da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. Ildə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar. Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb, başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır. – Ağlamaq lazım deyil, Mirzə, sən İndiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar? Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı İki stəkan çay gətirib, qoyub getdi. – Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz. Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə. Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər. * * * Mirzə Səfərin oğlanları İkisi də bir ildə məktəbi tamam etdilər. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi. Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən sonra Mirzə üzünü usta Zeynala tutub: – Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də İndiyədək mənə bəqədri məqdur kömək edibsən. İndi bir tədbir lazımdır. Usta Zeynal fikrə getdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi: – Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? – Yox, oğul, gücüm çatmaz. On manat bəlkə... Bəs sən? – Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaqlarına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı. Bu məsləhəti hamı xoşladı. Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi: – Mirzə Səfər, Mirzə Səfər! Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir Hacı Qulunun dükanında oturub oradan əl edir. Mirzə, Həsən ağaya tərəf getdi. – Ağa, nə buyurursan? Hacı Qulu, salaməleyküm! Həsən ağa dedi: – Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın! – Sağ ol, ağa! – Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma gəlsinlər, bir söhbət edək. – Nə üçün gəlsinlər, ağa? – Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir visit versinlər. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə. – Ağa, qulluğa qoymaq fikrim yoxdur. Istəyirəm uşaqlarımı ali təhsil almış görüb, gözlərimi yumum. – A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat göndərirəm, yenə “gördüm” demir. Sənə varlılarla tarazıya girmək nə yaraşar? Yorğanına bax, ayaqlarını uzat! – Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq İndi də mənim yadımdan çıxmır. Həsən ağanın rəngi dəyişdi: – Nə demək istəyirsən, bu eyhamların mənası nədir? – Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vəgüzar ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, baş ağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, Hacı Qulu. Mirzə Səfər getdi. Həsən ağa Hacı Quluya: – Görürsən, hacı, xalq nə payədə qudurub?! Hər qorqoduq özünü adam cərgəsinə qoşur. Buna deyən gərək: “Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi tamam ediblər, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar”. Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax! Həsən ağa ovqatı təlx qalxıb getdi evinə. İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkəş verdi. Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə, işləri gün-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta aybaay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu. Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı: – Mirzə Səfər, bir buraya zəhmət çək. Mirzə gələndə onun əlini bərk sıxdı: – Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən bir mənim yanıma gəlsin, deginən əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən. Mirzə təəccüblə ağanın üzünə baxdı: – Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir. – Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazımdır. – Baş üstə, deyərəm. Xudahafiz. Həsən ağa dübarə Mirzəyə əl verdi. * * * Mirzə Səfər ölüm bəstərində idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba çalırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi. Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı. Mirzə gözlərini açdı. – Balalarım, yavuğa gəlin, əlinizi mənə verin. Oğlanlarının əllərini aldı əllərinə. – Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onun tək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanırsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözündə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm. Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu. Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı, əyanı onun dəfnində iştirak edirdilər. Hətta Həsən ağa da təşrif gətirmişdi. Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sərsəlamətliyə gəlib-getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı. O adam usta Zeynal idi. * * * Keçmiş günlər Qəza ispolkomunun maarif şöbəsinin zavxozu Süleyman Qurbanov (sabiq Süleyman bəy Qurbanbəyov) çayçı dükanının qabağında bir stəkan acı çay ilə damağında bir uzunquyruq Şəki demisi, kəmaliistirahətlə əyləşib, Həsən Dadanov maxorkasının tüstüsünü halqahalqa havaya buraxmaqda idi. Onun ətrafında əyləşən beş nəfər şəxs həmçinin qabaqlarında çay, damaqlarında papiros, Süleyman bəyin söhbətinə huşü guşla qulaq verirdilər. Bu adamlar bunlar idi: qəza ispolkom sədrinin müavini Sadıq Cavadov (keçmişdə Süleyman bəyin faytonçusu Sadıq), qəza kuryeri Süleyman bəyin xalası oğlu Cahangir Nuru oğlu (keçmişdə Cahangir bəy Nurubəyov) və kənd qarovulçusu Qasım (sabiqdə Qasım yüzbaşı). Süleyman bəy keçmiş günlərdən, Tiflis, Kislovodsk, Valadiqafqaz, Moskva səyahətlərindən qızğın bir nəfəslə laf vurmaqda idi. – Qasım yüzbaşı, Tiflisi ki, görmüsən. Günlərin bir günündə baxdım ki, libasımın təzələnməyinə bir az ehtiyac var. Libas tikdirmək üçün bir istədim Gəncəyə gedim. Sonra fikir etdim ki, Gəncə nə yerdir ki, dərzisi də nə ola. Elə həm ziyarət, həm ticarət, gəl birbaş özünü sal Tiflisə, həm özünə paltar tikdir, həm də bir az havanı dəyiş! Ax, gözəl Tiflis! Hanı səndə çəkdiyim keflər, gördüyüm günlər, ağrılarını aldığım nazənin sənəmlər! Sən öləsən, Qasım yüzbaşı, bu zalım oğlunun şəhərini könlüm belə istəyir ki, dildə demək mümkün deyil. Budur, neçə ildir ha çalışıram ki, heç olmasa gedim gendən də olsa o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim; bir para gözəl vaxt keçirdiyim evlərin heç olmasa qapısının qabağından addayım, amma mümkün olmur. Hərçi çalışıram, əlimə bir yüz manat sala bilmirəm. Qərəz, mətləbdən uzaq düşdük. Tiflisə üç yüz, beş yüz ilə getmək olmaz idi, üç min manat cibimə pul qoyub yola düşdüm. Tiflisə varid olub birbaş “Oriyant” mehmanxanasına sürdüm. Avtomobilçiyə dedim: gərək mehmanxanaya çatınca Tiflis küçələrində bir çığır-bağır salasan ki, hamının diqqətini cəlb eləyək. Zalım oğlu, doğrudan da başladı avtomobilin zurnasını çalmağa və bir növ bağırtı saldı ki, tamam küçələrdə gəzən xanımların, kişilərin nəzərlərini mənə tərəf çəkdi. Mehmanxanaya çatan tək qapıçı çıxıb ikiqat baş əyib çamadanımı aldı, apardı içəri. Mən də avtomobilçiyə haqqından başqa, bir qızıl onluq da ustalığına bağışlayıb mehmanxanaya girdim. Lakeylər səf-səf durub, bir-bir “ağa, xoş gəlibsiniz!” deyirdilər. Mehmanxana sahibi gəlib dedi: “Süleyman bəy, bağışlayınız, qiymətli nömrələrimiz tutulub, ancaq bir dənə on İki manatlıq nömrə var, qəbul etsəniz sizin üçün hazırlasınlar”. Dedim: “Eybi yoxdur, hazırlasınlar; bir dəfə də ucuz nömrədə mənzil edərik”. Sonra fikir elədim ki, dost-aşna gəlib məni on İki manatlıq nömrədə görsələr deyəcəklər ki, Süleyman bəy kasıblayıb, ucuz nömrədə əyləşir. Mehmanxanaçıya dedim: “Bu nömrədə əyləşirəm, sonra bir əməlli nömrə boşalanda mənə xəbər verərsən”. Dedi: “Baş üstə! Peterburqdan varid olmuş vəzir İki gündən sonra gedəcək, onun nömrəsinə keçərsiniz”. Dedim: “Çox gözəl, deginən mənim üçün vanna hazırlasınlar”. Lakeyə dedim: “Düş qabağıma nömrəni göstər”. Lakey nömrəni açıb çamadanımı qoydu içəri, sonra mənim paltonumu çıxardıb divardan açıb çıxdı eşiyə. Nömrə bəd deyildi; ancaq mənə yaraşmazdı. Vanna götürüb, gəlib nömrədə bir üç saat yatdım. Sonra durub getdim restorana nahara. “Oriyant”ın restoranı da ki, vəsfə gələn deyil: bir behişt!.. Sadıq burada Süleyman bəyin sözünü kəsib soruşdu: – Süleyman bəy, o restoranla bu çayxana necədir? Bu maxorqadan orada da çəkirdinmi? – Sən öləsən, biri bir manatdan ucuz siqar əlimə də almazdım. Nə söyləyirsən! Niyə, özün bilirsən ki? Qasım yüzbaşı Sadığı dayandırıb dedi: – Yoldaş Sadıq, mən ölüm, qoy Süleyman nağılını qurtarsın. Bu söhbətlər mənə can verir. Axır o xarabada mən də gözəl günlər keçirmişəm. Süleyman bəy! Nağılını söylə. – Bəli, naharı qurtarıb getdim birbaş dərzi Solomonun yanına, bir dəst lətif çərkəzi libas zakaz verdim, dedim gərək bu gecə yatmayıb sabah bu vədəyə hazır eləyəsən! Solomon dedi: baş üstə, ancaq gərək İkiqat muzd verəsiniz! Dedim: “A həpənd”... Sizin canınız üçün, hələ belə dedim: “A həpənd, məgər məni tanımırsan? Üç qat muzd al, ürəyimcə paltar tik”. Dedi: “Can üstə!” Doğrudan da, sabahı günü haman vaxt libası gətirdi. Zalım oğlu bir libas tikmişdi ki, baxan deyərdi: buna insan əli dəyməyib. Libası bəzənib çıxdım Qolovinskiyə. Bir qədər gəzib yoruldum. Girdim qəhvəyə, əyləşmişdim, gördüm bir nəfər mənə “Süleyman bəy, xoş gördük!” dedi. Dedim: “Bağışlayınız, mən sizi tanıya bilmirəm”. Dedi: “Məni tanımırsınız? Məgər knyaz Qurquraşvili yadınızdan çıxıbdırmı? Mən sizin atanız ilə neçə il çörək yemişəm. Mən sizin evə həmişə gəlibgedərdim. Şükür Allaha, böyük, gözəl oğlansınız. Tiflisdə sizi tanımayan qız yoxdur. Məclislərdə ancaq sənin söhbətİndir. Sən tamam Tiflis gözəllərinin dillərinin əzbərisən. Dünən axşam bir evdə sənin söhbətin idi. Mən dedim o mənim yaxın dostumun oğludur. Mənim Batumdan təzə gəlmiş qardaşım qızı dedi: “Əmi, hər növ olsa məni onunla tanış edərsən”. Siz haraya düşmüşsünüz? Yəqin “Oriyant” nömrələrinə? Dedim: “Bəli, on səkkizinci nömrəyə; buyurunuz, qəhvə içiniz!” Knyaz əyləşib bir stəkan qəhvə içib, bir az da o yandan-bu yandan söhbət eləyib durdu. “Axşam gələrəm, bir yerdə gedərik teatra. Bu gecə yaxşı teatr var!” Knyaz getdi. Mən də bir avtomobil götürüb bir-İki saat şəhəri dolanıb getdim nömrəyə. Nahar edib yatdım. Axşam saat yeddidə gördüm qapı döyülür. Qapını açdım. Knyaz Qurquraşvili daxil oldu. Samavar istədim, çay içdik, sonra libasımı dəyişdim, getdik teatra. * * * Teatrda əyləşib pərdənin qalxmasını gözləyirdik. Bu halda bir nəfər gözəlliyi vəsfə gəlməyən cavani-növrəsidə, on səkkiz ya iyirmi yaşında bir qız knyaza yaxınlaşıb dedi: – Əmi, siz də buradasınızmı? Knyaz üzünü mənə tutub dedi: – Bu nə gözəl iş oldu! Süleyman bəy, bu mənim qardaşım qızıdır. Təvəqqe edirəm tanış olasınız! Qızın əli mənim əlimə dəyəndə elə bil əlimə bir od basdılar. İstisi ürəyimə vurdu. Teatr qurtarandan sonra knyaz və qardaşı qızını şama təklif etdim. Çox həvəslə qəbul eləyib, mənimlə gəldilər mehmanxanaya. Orada şam yeyib saat üçədək söhbət etdik. Saat üçdə knyaz dedi: – Tamara, Süleyman bəyin yatmaq vaxtıdır, dur gedək! Sonra üzünü mənə tutub dedi: – Süleyman bəy, təvəqqe edirəm, sabah naharı bizim evdə eliyəsiniz! Tamara, həmçinin dedi ki, əgər mən iltifat edib sabah onlara nahara gəlsəm, məndən çox razı olar. Mən “baş üstə, gələrəm” dedim. Knyaz evinin adresini verib Tamara ilə getdi. O gecə sübhədək yata bilmədim. Bir az məni huş aparanda zalım qızı gəlib dururdu gözümün qabağında. O biri günü nahardan qabaq dəllək gətirib özümə bir yaxşı təravət verdim. Sonra bir dəstə gül götürüb getdim nahara. Tamara bu dəfə bir dəst paltar geymişdi ki, daha nə ərz eləyim: cuna paltar, altından mərmər tək bədən par-par parıldayır. Baxan deyər: görəsən bu, mələkdir, pəridir, behiştdənmi gəlib; yoxsa belə insane bədəni yəqin eləyin ki, dünya üzündə yoxdur. Siz öləsiniz, yoldaşlar, nə yediyimi anlamadım ağzım yeyirdi, gözüm Tamarada idi. Bir də gördüm nahar qurtarıb. Naharda nə yedim, onu İndi də bilmirəm. Nahar dadlı idimi, turş idimi, acı idimi, əsla bilmirəm. Nahardan sonra əyləşdik söhbətə, Tamara məndən soruşdu: – Süleyman bəy, siz Batumu görmüsünüzmü? – Xeyr, xanım çox şəhərlər gəzmişəm, amma Batuma yolum düşməyibdir. – Elə olan surətdə mən bu axşam yola düşürəm. Əmim mənimlə gedir. Çox yaxşı olardı ki, siz də bizimlə gedə idiniz. Həm Batumu görə idiniz və həm də mənim atam və anamla tanış olaydınız. Onlar siz ilə tanış olmaqdan çox razı qalarlar. Mənim, “baş üstə”dən sivay bir deməli sözüm qalmadı. Nömrənin hesabını verib, getdim vağzala. Gördüm knyaz və Tamara da orada hazırdırlar. Batuma üç bilet alıb yola düşdük. Kutayisə yaxınlaşanda knyaz dedi: – Süleyman bəy, siz gərək ki, Kutayisi də görməmişsiniz, nə olar dönüb orada bir gün qalsaq? Çox görməli şəhərdir. Bu fikrə Tamara da şərik oldu. Və mən də “çox gözəl olar”dan başqa bir söz tapmadım. Rion stansiyasından Kutayisə döndük və bir mehmanxanada mənzil edib çay içib şəhərə çıxdıq. Nahara əyləşdik, knyaz dedi: – Süleyman bəy, burada mənə qonaqsınız. Mən sizə qaydalı gürcü naharı verəcəyəm. Başladı zakazı: döymə kabab, cücə kababı, çoxoxbili, daha nə bilim nə. Şərab butulka-butulka, peydərpey gəlir. Knyaz şərabdan tökür, Tamaranın sağlığına təklif eləyir, mən də stəkanı stəkan dalınca içirəm. Kefimiz gecə yarısınadək çəkdi. Mən şərabı o qədər içirəm ki, məni nə təhər soyundurub yatırdıqlarından xəbərim olmur. Gözümü açdım, gördüm sabahdır. Əlimi atdım saata ki, vaxtı bilim, gördüm saat yoxdur. Ora saat, buru saat, tapılmadı. Sonra gördüm, qızıl kəmərim də mənzildə yoxdur. Bildim ki, məni soyblar. Əlimi cibimə apardım, gördüm ki, pullarım da yoxdur. fövrən zəngi çaldım. Qulluqçu gəldi. Dedim: – Amandır, bir tezcə knyazı buraya çağır. Qulluqçu soruşdu: – Necə knyaz? – Mənimlə dünən buraya gələn. – Knyaz da, qız da vağzala getdilər. – Necə getdilər? – Getdilər və dedilər ki, Batuma gedirik. – Bəs mənim pulumu, saatımı, kəmərimi oğurlayıblar! – Burada oğru, filan yoxdur, aparmışsa, öz yoldaşınız aparıb. Təvəqqe edirəm, bizi töhmətləndirməyib, mənzilin, naharın pulunu verəsiniz. – Məgər knyaz naharın pulunu verməyibmi? – Bizə pul çatmayıb. Hər sizin kimi yoluq-moluq gəlib burada nahar eləyib sonra üstümüzə oğurluq yıxsa, gora yaxşı salamat baş apararıq. Nə qədər and içdimsə ki, pulumu oğurlayıblar, inanmadı. Axırı labüd qalıb dedim: – Canım, sabahadək gözlə, teleqram vurum, pul gəlsin. Hesabınızı verim. Dedi: – Gözlərəm, ancaq pul gəlməyincə səni bu nömrədən buraxmayacağam; yoldaşların kimi sən də qoyub qaçarsan! Ciblərimi axtarıb bir dənə üçlük tapdım. Bir teleqram Tiflisə, “Oriyant” mehmanxanasının sahibinə vurub üç yüz manat istədim. Sabahı günü pulu alıb mehmanxananın hesabını verib, Batuma çatdım. Hər kəsdən soruşdum, dedilər: “Batumda Qurquraşvili adında knyaz yoxdur. Abaşidze var. Şervaşidze var, amma Qurquraşvili yoxdur”. Batumdan Tiflisə gəlib, getdim haman nahar etdiyim evə, soruşdum: – Qurquraşvili evdədirmi? – Qurquraşvili kimdir? – Necə kimdir, bu mənzilin sahibi! – Bu mənzilin sahibi mənəm və Qurquraşvili adlı adam tanımıram. – A kişi İki gün bundan əqdəm həmin bu evdə o məni nahara qonaq eləyibdir. – Səhvsiniz, əzizim! Bu evdə deyil. Adresi unutmuşsunuz! Daha burada yəqin etdim ki, lotu əlinə düşmüşəm. Məni tovlayıb soyublar. Gəlib əhvalatı mehmanxana sahibinə nağıl elədim. Dedi: – Bəy, bura Tiflisdir, belə işlər çox olar. Dövlətli adamsan, ürəyini sıxma, bu da bir dərsdir, aldın! Tiflisdən evə kağız yazdım. Min manat gətirdib mehmanxana sahibinin borcunu verib Tiflisdən çıxdım. İndi, yoldaşlar, Tiflis belə Tiflisdir. Pulum getdisə də yenə bir doyunca ləzzət gördüm. Süleyman bəy söhbətini qurtaran tək Sadıq soruşdu: – Nağlını qurtardın? – Bəli... – Di, cəld dur, get ambarın qapısını aç, atların arpasını ver. Hər ata dörd ovucdan artıq arpa vermə. Sən də, yoldaş Cahangir, gərək bu saat gedəsən Hacı Babalıya deyəsən ki, camaat sabah cəm olan pambığı zavoda yola salsınlar. Sən də, yoldaş Qasım, get, bir az dincəl, bu gecə qaraul növbəti sənİndir. Mən də gedim dəftərxanaya. Görüm mərkəzdən əmrdən, filandan yoxdur, di tənbəllik vaxtı deyil, ayağa qalxın. Di haydı! * * * Uca dağ başında Uca dağ başında, mədəniyyət mərkəzlərindən və dəmir yolundan uzaq, laçın yuvasına bənzər xırdaca bir şəhər düşübdür. Dağın sağ və sol ətəklərindən köpüklənərək sürətlə axan iki çay, axırda iki mehriban qardaş kimi birləşib axaraq, düzlərdə yaşayan əhalinin bağlarını, əkinlərini sirab edirlər. Şəhər tamam qışı və baharın yarısını qara, dumana bürünmüş keçirib; axırda bu qara çadırşəbi atıb gözəl bir nazənin sənəm tək surətinin parıltısını aləmə salıb, tamam yay istirahəti arzusunda olan isti yerlər əhalisini öz ağuşuna cəlb edir. Ətrafı səfalı meşələr, sərin bulaqlar, havası məsum uşaq qəlbi tək ipək. Bu şəhərin ömrü bir elə uzun deyilsə də, tarixi bir şəhərdir. Buraya adlı xanlar, bəylər, hətta şahzadələr gəlib-gedirlər. Burada padşah başı kəsilib, təpiklərdə paymal olub. Abü havasının şairəliyi əhalisinin təbiətinə də sirayət etdiyi üçün, o şəhər məşhur şairlərin, ədiblərin, musiqişünasların, xanəndələrin mədəni olmuşdur. May ayının birindən sentyabrın ortasınadək şəhər şənlik və abad olur. Yaylağa gələnlər, dağlara mal və qoyunlarla şəhərin altından gedib və qayıdan köçərilər bu az müddətdə şəhəri bir qaynar qazana döndərirlər. Elə ki payız gəldi və şəhər təzədən çadırşəbini başına çəkdi, şəhərin övzaı tamamən dəyişilir. Tərəddüd azalır, ticarət kəsilir, camaat bikarlayıb özünə məşğuliyyət axtarır. Məşğuliyyətlərin ən birincisi dəli oynatmaqdır. Şəhərin hər il gərək bir dəlisi olsun ki, onu oynatmaqla camaat vaxtını keçirsin. Neçə il bundan əqdəm, şəhər əhalisindən bir nəfər ticarət məqsədi ilə qonşu qəzaya gedir. Şəhərin meydanına varid olub görür ki, bir nəfər başı açıq, ayaqyalın, libası cındır laübalini uşaqlar qabaqlarına salıb meydanda o baş-bu baş gəzdirir. O saat bu adamın dəli olduğunu görür və fövrən yadına düşür ki, öz şəhərində bu saat dəli yoxdur. Camaat məşğuliyyətsiz qalıbdır. Ticarətini qurtarandan sonra haman divanəni tovlayıb şəhərə gətirir və şəhər meydanında buraxıb deyir: “Burayadək mən səni gətirdim, İndi get özünə çörək tap!” Camaata da deyir ki: “Ay camaat, doğrusu, bu dəlini sizin üçün məşğələ gətirmişəm. Qışdır, bikarçılıq zamanıdır”. Camaat hamısı izahitəşəkkür edib dəliyə məşğul olurlar. Şəhərin dəlilərinin hamısının tərcümeyihalı, tarixi, dəliliyinin vəziyyəti, hansı sözdən kökələnib tünd, təlx olmaları tamam əhaliyə məlumdur. Bu dəlilərin və adamların keyfiyyətindən bir neçə sətir yazmaq ziyan etməz. Tühəf şəxslərdən birisi, bir nəfər dəllək, özü də Hacı kişi idi. Şəhərin tamam evlərinin qapısı Hacı kişi üçün açıq idi. Qan alardı, həcəmət qoyardı, diş çəkərdi, zəli salardı; hətta cərrahlıq da edərdi. Rusca da yalan-palan danışardı. Bu Hacı adi bir şəxs olub heç vəch ilə tühəfliyini bildirmirdi. Amma, xudanəkərdə bir nəfər ondan “Hacı, saat neçədir?” – deyib xəbər alsa idi, Hacı o saat halətindən çıxıb olmazın föhşünü o adama verərdi. Bundan sivay heç bir yol ilə onu haldan çıxartmaq olmaz idi. İkinci tühəf – Alış adında bir şəxs idi. Bu adam həmçinin adi görünürdü. Buna da deyəndə “zənbilini tapmışam”, halətindən çıxıb yekə divanə olurdu. Yol ilə getdiyi vaxt şəhər uşaqlarından birisi ona: “Zənbilini tapmışam” – deyib qaçanda, dalınca papey olmayıb, ilk əlinə keçən uşağı tutub döyərdi. Deyərdilər: “Qardaş, sənə sataşan uşaq qaçdı, bu təqsirsizi niyə döyürsən?” Cavab verərdi ki, “uzaqlaşsa bu da sataşacaq”. Üçüncü tühəf – Qurban adlı bir kişi idi. Qubuş ləqəbi ilə məşhur idi. Bu adamı bir ay rəmazan və məhərrəm ayının birindən səfər ayının iyirmisinədək məscidlərdə, təkyələrdə əyləşib başına döyüb gözlərindən qan-yaşı abi nisan kimi tökən görərdilər. Şəvvalın birində və səfər ayının birində Qubuş lül piyan bazara çıxardı və həmişə məst olardı. Şəhər şairlərindən birisi bir xanədanın həcvində Qubuşu da yadından çıxarmayıb yazıbdır: “Əmənullah, yaşasın torpağı sanı Qubuşun, Bəhri-yek cürəti-mey qaynanasından küsənəst!” Hər sübh Qubuş bazara çıxıb qabağına gələn şəhər əhalisindən araq pulu istərdi. Xalq da müzayiqə etməyib verərdi. Qubuş cəm etdiyi puldan lazım qədər araq bahası götürüb, qalan paranı da füqəraya paylardı. Bir dəfə şəhər qazısı Qubuşu yanına çağırıb başlayır ona nəsihət etməyə ki, bəlkə tövbə edib şərab içməkdən əl çəksin. Qubuş bir söz deməyib durub bayıra çıxır və tez geri qayıdıb bir stəkan və bir qədər üzüm gətirib qazının qulluğuna qoyub və qazıya sual verir: – Qazı ağa, mən bu üzümü yeyə bilərəmmi? – Əlbəttə, yeyə bilərsən! Qubuş üzümün suyunu stəkana sıxıb yenə soruşur: – Qazı ağa, mən bu üzümün suyunu içə bilərəmmi? – Çox gözəl içə bilərsən! – İndi içməyib, saxlayıb üç aydan sonra içəcəyəm. Bunu deyib durub qazıxanadan çıxır. Bir-İki saatdan sonra Qubuş möhkəm piyan, dalınca bir sürü uşaq, gəlib qazıxananın qabağından addayıb keçirdi. Bikar vaxtı camaatı məşğul edən simalardan biri də bu idi. Axundlar deyirdilər ki, bircə dəfə onun dilindən tövbə çıxsa, Əshabi-Kəhfin iti kimi yeri behiştdir. Dördüncü tühəf – Əsəd dayı idi ki, camaat ona “molla Əsəd” deyərdi. Bu kişinin kökündən savadı yox idi. Hətta öz adını da yazmağı bacarmazdı. Bu adam risalə dəlisi idi. Təzə bir müctəhid çıxan kimi, onun risaləsini gətirib savadlılara oxudub əzbər edərdi. Sonra risaləni götürüb düşərdi şəhərə. Hər yerdə ki bir məclis tərtib olundu: toymu, vaymı, molla Əsədi orada görərdin. Camaat ortaya bir təharət, ya izaleyi-nəcasət məsələsi təfrih üçün salıb molla Əsədi çəkərdilər mübahisəyə. Molla Əsəd bir qeyzlə mübahisə edərdi ki, ağzından köpük daşardı və görərdin yerindən diz-dizi sürünüb gələrdi məclisin ortasına, orada qışqırmağa başlardı: – Ay bədbəxtlər, ay dünyadan bixəbərlər, məgər cəhənnəm əzabından qorxmursunuz? Inkir-minkir sualına nə cavab verəcəksiniz? Qiyamət sorğusualından diliniz tutulub cavab verə bilməyəcəksiniz. Cəhd edin vaxt var ikən səhviyyat, şəkkiyyatınızı öyrənin. Füruüddinə diqqət verin, yoxsa qiyamətdə peşmanlıq səmərə verməz. Camaat başlarını bulayıb deyirdilər: “Allah sənin imanını kamil etsin, molla Əsəd dayı! Nə yaxşı bizim səhvimizi bizə öyrətdin”. Molla Əsəd dayı da bu sözləri ciddi hesab edib deyirdi: “Əmr bəmə”ruf və nəhy əz münkər hər bir müsəlmanın borcudur. Mən bu barədə danışmasam, məşğuli-zimmə olaram. Hər alim gərək bildiyini bilməyənlərə öyrətsin”. Belə-belə söhbətlər ilə camaat bikar vaxtlarını keçirərdi. Yenə bir dəfə şəhərə bir məşhur müctəhid gəlir. Molla Əsəd istəyir onun qulluğuna getsin. Şəhər cavanları cəm olub deyirlər: “Biz səni bu sifətdə müctəhid yanına göndərmərik. Gərək səni adına layiq bir qiyafəyə salaq”. Təfrih üçün molla Əsədin başına bir əmmamə qoyub, çiyninə əba salıb, özləri də mürid sifətində onun dalına düşüb Rastabazar ilə müctəhidin qulluğuna aparırlar. Tamam bazar əhli tamaşaya cəm olur. Hətta dükançılar beləhamısı dükanlarını bağlayıb molla Əsədin dalınca düşürlər. Bu sayaqla molla Əsədi gətirib müctəhidin qapısından içəri salıb qaçıb dağılırlar. Xalqın məşğələsinin biri də molla Əsəd idi ki, xəlvətdə adına “Dəli molla Əsəd” deyirlər. Beşinci tühəf – Sofi Hüseyn adı ilə məşhur, uzunboylu, ağ uzunsaqqallı qəbi-heykəl bir kişi idi ki, bikar xalq üçün böyük şüğl idi. Bu kişidə bir qəribə qabiliyyət var idi: hər vaxt istəsə idi səbəbsiz ağlardı. Görərdin qış fəslində tacirlər hamısı dükanlarını buraxıb həmkarlarından bir nəfərin dükanına cəm olurlar. Manqal qırağında hər biri qabağına bir stəkan çay qoyub əyləşiblər, yuxarı başda da Sofi Hüseyn əyləşibdir. Birisi deyəndə ki: – Hüseyn əmi, mən ölüm, bir ağla! Sofi Hüseyn də gözünü bir-İki dəfə yumub-açanda yaş gözündən saqqalı uzunu sel kimi axardı. Məhərrəm ayında təkyələrə Hüseyn əmini sinə vurmaq üçün xüsusi çağırırdılar. Növhə başlananda Hüseyn əmi sinəsini açıb başlardı növhənin havası ilə şarpaşarp sinəsinə çırpmağa. Sinəsinin şarpıltısı bir verst yola gedirdi. Hər bir təkyə sahibi təziyəsinin şükuhu üçün Sofi Hüseyni çağırmağı vacib bilərdi. Odur ki, Hüseyn üstündə təkyə saxlayanların həmişə davası düşərdi. “Bayraməlisiz toy olmaz” misalı kimi, Sofi Hüseynsiz təkyə olmaz da məşhur olmuşdur. Sofi Hüseynin bir peşəsi də var idi. Bu da ağlaşmalarda ağı deyib arvadları ağlatmaq idi. Dövlətli şəxslərin təziyəsinə Sofi Hüseyni əlbəttə çağırardılar. Hüseyn gözəl ağladırdı. Ağlamaq ki, peşəsi idi. Əlavə onun dəyərli səsi arvadları halətdən salırdı. Görərdin əlini qulağına qoyub oxuyur: Bu dağlar, ulu dağlar, Çeşməli sulu dağlar! Burda bir cavan ölüb, Göy kişnər, bulud ağlar, hey!.. Arvadlar da ağız-ağıza verib onun dalınca “hey!” deyərdilər. Dövlətli təziyələrində bir “haxışta” vurmaq var idi. Arvadlar dairə düzəldərdilər. Bir nəfəri arada durub “bəhr” tutardı. Yerdə qalanı “şaxsey-vaxsey” deyərdi. Haxışta vurmaqda heç kəs Sofi Hüseynə bərabər ola bilməzdi. Arvadlar halay vurub Hüseyni araya salardılar. O, “bəhr” tutardı, onlar da “şaxsey” deyərdilər. Sofi Hüseyn: – Araz qırağı ləklər, Arvadlar: – Şaaxsey, vaaxsey! – Çərmənib ağ biləklər. – Şaaxsey, vaaxsey! – Düşmənə xəbər olsun, – Şaaxsey, vaaxsey! – Hasil olub diləklər. – Şaaxsey, vaaxsey! – Yar yolu taxta-taxta. – Şaaxsey, vaaxsey! – Bir atda İki noxta. – Şaaxsey, vaaxsey!.. i. a. – Şabbaz oğlu Məmmədvəli – Şaaxsey, vaaxsey!.. i. a. Sofi Hüseyn də belə bir tüfəh vücud idi. Altıncı tühəf – Rəhim kişi idi. Adına Pişik Rəhim deyərdilər. Bu ləqəbin ona verilməyinin səbəbi o oldu ki, hər yerdə ki plov verərdilər, istər toy olsun, istər vay, Pişik Rəhimi orada görərdin. Bu yerlərin hamısına da təklifsiz gedərdi. Hətta ehsana çağırılacaq adamların siyahisi tutulan vaxt bir nəfər Rəhimin adını çəkəndə deyərdilər ki, onu yazmaq lazım deyil, özü gələcək. Onun özündən xəbər alanda ki, Rəhim əmi, bu qonaqlıqlara çağırılmamış niyə gedirsən? Cavab verərdi ki, getməyəndə inciyirlər. Həmişə də mollalar ilə bir yerdə məclisin başında əyləşərdi. Qonaqlıqların birisində ortalığa xörək gətirənlər sözləşirlər ki, xörək paylayanda Rəhimi arada keçirsinlər və belə də edirlər. Rəhim heç bir söz deməyib sakit yerində əyləşir. Xörək yeyilib qurtarır. Molla “fatihə” deyəndə Rəhim də onun dalınca uca səslə qışqırır: – Fatihə, yedilər, doyduq! Tühəflərdən bu altı nəfəri saymaqla iktifa edib deməliyəm ki, bizim cavan yazıçılarımız üçün bu adamların hər biri bir tip, hər biri bir komediya üçün qəhrəman olmağa layiqdir. Əlavə bunu deməliyəm, şəhərimiz başdan-ayağa tühəflər şəhəri idi: cavanları tühəf, qocaları tühəf, bəyləri, xanları, axundları, mərsiyəxanları, seyidləri həmçinin tühəf. Əhalisi on mindən ziyada olmayan şəhərdə dörd məzhəb var idi. Mollalar axşamadək mübarizədə idilər. Xalq da işini-gücünü buraxıb, axşamadək bunların dalınca düşüb vaxtını boş mübahisədə keçirirdi: – İmam divarın dalını bilər, ya bilməz? – Vaxta ki, İmamdır, əlbəttə bilər? – Xeyr, bilməz! – Əmr olsa bilər, olmasa bilməz. Hər mollanın dalınca özünə görə dəstəsi var idi. Məsəla: dəmirçi usta Rüstəm, başmaqçı Məlik oğlu Qasım, suçu Əbutalıb, qəlp pul kəsən Məşədi Həsənəli, hamamçı Mir Mehdi. Bu mübahisələri də düzəldənlər bəylər və xanlar idi. İş yox, peşə yox, ciblərində pul çox – nə etsinlər? Üç yol var idi: qumar, içki məclisi, biri də molla döyüşdürmək. Özləri nə Allah bilirdilər, nə şeytan. Məhz vaxt keçirtmək üçün xərc çəkib qonaqlıqlar düzəldirdilər və tamam şəhərin axundlarını, tacirlərini dəvət edib, xörəkdən sonra ortalığa bir dini mübahisə salardılar, mollalar camaata, camaat mollalara qarışardılar. Bəylər də kənardan tamaşa edib, bu çarpışmadan həzz aparardılar. Cavan bəyzadə və xanzadələrin də qış üçün öz məşğələləri olardı. Cavanların xüsusi bir təşkilatları var idi. (Təşkilat təzə sözdür, o vaxt təşkilata kampaniya deyərdilər). Təşkilatın hər gecə üçün xüsusi proqramı olardı. Gün batandan sonra gecə də bəyzadələrin birinin evində qonaqlıq düzəldib, şərablar içilərdi. Saat İkidə, üçdə başlar gərm olandan sonra, proqramın İkinci maddəsinə şüru edib düşərdilər qapılara və hər qapı gəldi döyərdilər: – Əli xəlifə, Əli xəlifə! – Kimsən, nə deyirsən? – Amandır, bir tez eşiyə çıx! Əli xəlifə də güman edərdi ki, yəqin can verən var. Tez qalxıb kürkə ya yorğana bürünüb çıxardı eşiyə. – Bala! Kimsən, nə deyirsən? – Bir şey demirik. Pis yatmısan, get təzədən yat! Sonra keçərdilər başqasının qapısına: – Həsən əmi, Həsən əmi! Bircə tez eşiyə çıx! Çəpgöz Həsən güman edərdi ki, qonşuya bir hadisə üz verib, onu köməyə çağırırlar; cəld libasını geyib balkona çıxardı. – Kimsən, nə istəyirsən? – Bağışlayın, Həsən əmi! Əziyyət veririk. Biz mərc çəkmişik: deyirlər çəp adam bir şeyi İki görər; yalandır, ya doğru? Söz yox ki, belə yuxudan oyadılan şəxslər olmazın söyüş edib qapını bağlardılar. Bəyzadələr də bundan ləzzət alıb gülüşərdilər. Yuxarıda söylədik ki, camaatın məşğələsi üçün gərək şəhərin həmişə bir dəlisi ola idi. Dəli tapılmayanda ya xüsusi adamlar göndərib başqa qəzalardan gətirdərdilər və yainki şəhər əhalisindən birisini dəli elərdilər. Bu da bir asan məsələ idi. Bir nəfəri dəli eləmək üçün beşaltı şahı maya qoymaq lazım olurdu. Altı, yeddi nəfər uşaq çağırıb hər birinə bir şahı verib salardılar bir bədbəxt oğlu bədbəxtin arxasına, bir az müddətdə görərdin ki, o baqaidə dəli edib bazara çıxartdılar. Dəlilərdən bir nəfəri deyirdi: “Dəlilik yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar”. Camaat tərəfindən dəli qayrılıb küçələrə atılanların biri də bizim qonşumuz Əli bəy idi. Bu bədbəxt oğlunun heç bir kəs ilə əlaqəsi yox idi. Başı aşağı öz peşəsinə məşğul idi. Hər sübh gedib şəhərin girəcəyində əyləşib, şəhərə daxil olan kəndliləri dayandırıb nə işə gəldiklərini sorardı. Vaxta ki, bildi kəndlinin sudda işi var, başlardı ona müəyyən bir vəkili tərif etməyə. Çoxusu da ona etibar edib öz işini onun təriflədiyi vəkilə aparıb tapşırardı. Əli bəy də vəkildən haqq-zəhmət alardı. Vəkil dəllallığı bir mütədavil peşə idi. Əli bəydən başqa bir neçəsi də bu peşənin dalınca gedərdi. Müxtəsər, hər vəkilin özünə məxsus bir Əli bəyi var idi. Qonşulara Əli bəyi dəli eləmək lazım gəldi. Bu yerdə həmişə iş görən küçə uşaqları olardılar. Bir dəfə Əli bəy, bir dəstə küçədə oynayan uşaqların yanından atlı ötdükdə uşaqlardan biri xəbər alır: – Əli bəy, haraya gedirsən? – Nə borcundur, oğul? – Məni də tərkinə al! Əli bəy atını sürüb gedir, uşaqlar düşürlər onun dalınca və qışqırışırlar: “Əli bəy, məni də tərkinə al! Əli bəy, məni də tərkinə al!..” Uşaqların hesabı gəldikcə artır. Bazar adamı bir də baxır ki, Əli bəyin dalısınca bir neçə yüz uşaq “Əli bəy, məni də tərkinə al!” – deyib yüyürüşürlər. Bazar adamı, dükançılar hamısı uşaqlara qarışırlar. Dükanların hamısından, bazarda gəzən adamların ağızlarından “Əli bəy, məni də tərkinə al” sədası, şairlər demişkən, asimanə bülənd olur. Əli bəy görür ki, daha onun üçün bazarda dayanmaq mümkün deyil, evinə qayıdır. Sübh Əli bəy durub qapını açır, bir o yana, bir bu yana nəzər yetirir. Ətrafda heç kəsi görməyib çıxmaq istəyir. Bir də eşidir ki, səs gəlir: “Əli bəy, məni də tərkinə al!” Bu səsə bir neçə səs daha əlavə olanda, Əli bəy qapısını bağlayıb evdə əyləşir. Bu minval ilə neçə gün o, xanənişin olur. Həmişə evdə oturmaq olmaz, çolma-çocuq çörək istəyir. Bir gün Əli bəy mülahizə edir ki, uşaqlar sakit olublar. Evindən çıxıb sudxanaya tərəf üz tutur. Rastabazaradək gedir. Görür ki, bir söz deyən yoxdur. Sevinir. Rastabazara daxil olan kimi yenə dörd bir tərəfdən “Əli bəy, məni də tərkinə al!” – sədası bülənd olur. Bundan sonra Əli bəy həqiqət dəli olub düşdü küçələrə. Camaat da məramına çatıb təzə bir dəli qazandı. Camaat tərəfindən İkinci dəli edilən bir nəfər Avanes adlı tacir erməni idi. Hər sabah, əlində açarları, qoltuğunda dəftərləri, gəlib dükanını açardı; ticarətini edib axşam yenə evinə qayıdardı. Bir dəfə yenə dükanına getdikdə qonşu dükançı səslənib deyir: – Sabahın xeyir, Avanes! Bu səsə qonşulardan da bir neçə adam: – “Sabahın xeyir, Avanes!” – deyib səs verirlər. Avanes: “Aqibətiniz xeyir” – deyib cavab verməklə dükanına keçir. Doğrudur, bu bir artıq söz deyil. “Sabahın xeyir” deyərlər, cavabında “Aqibətin xeyir” alarlar. Amma bir gündə altmış adam gəlib bir “Sabahın xeyir, Avanes!” – deyə, onda adam dəli ola bilər. Avanes də beləliklə az qaldı dəli olsun. Çünki bazara çıxanda məşribdən, məqriqdən, göydən, yerdən, hər yandan “Sabahın xeyir, Avanes!” sədası gəlirdi. Axırda dükanı bağlayıb şəhərdən baş götürüb qaçmağa məcbur oldu. Zeynalabdın adlı qoca bir kişi işləməyə taqəti olmadığından və saillik etmək istəmədiyindən, başmaqçılardan hər gün beş-altı cüt başmaq alıb əlində gəzdirib satardı. Onunla məişətini keçirərdi. Bir dəfə Zeynalabdın bir dəstə uşaqların yanından ötəndə uşaqların biri deyir: – O əmiyə baxın, quzğuna oxşayır. Qalan uşaqlar bu sözü eşitcək “ay quzğun, ay quzğun!” – deyib onun arxasınca düşürlər. Haman günü tamam şəhərə məlum olur ki, Zeynalabdin dayının ləqəbi “Quzğun”dur. Zeynalabdını da bu növ xanənişin eləyib bazardan və kasıblığından avara edirlər. Yazıq adamların biri də Mirzə Alı kişi idi. Bu bədbəxt bir nəfər ilə söhbət etdikdə danışıq nədən olursa, bir dəfə deyir: – Namərdəm əgər bu işi belə etməsəm. Kənar adamların neçəsi bu söhbəti eşidir. Mirzə Alı kişi bir də görür dalınca şəhərin hesabsız uşaqları tökülüb “ay namərd, ay namərd!” – deyərək gəlirlər. Mirzə Alı qaçıb gizlənir. Sübh evindən çıxır bazara tərəf getməyə. Yenə görür ki, hər yandan “ay namərd, ay namərd!” səsi gəlir. Bu kişini də belə bazara həsrət edirlər. Bir gün ramazan ayında, Mirzə Alı, axunda şikayət etmək xəyalına düşüb məscidə gedir. Məscidə yaxınlaşanda görür namaz qurtarıb, camaat dağılır. Bir azdan sonra axund çıxır. Mirzə Alı yaxınlaşır. – Salaməleyküm! – Əleykəssalam. Nə var, a Mirzə Alı? – Oxuduğuna qurban olum, ay axund, özün görürsən ki, camaat mənim başıma nə iş gətirir. Bazara çıxa bilmirəm, kasıblığa gedə bilmirəm. Aman günüdür, bu camaata bir nəsihət et. Bir lənətləmə oxu, bəlkə mənim üstümdən bu adı götürüb yaxamdan əl çəksinlər!.. Axund Mirzə Alının sözünə qulaq asıb deyir: – Ay namərd, niyə gec gəldin? Görürsən ki, camaat məsciddən dağılır. Axundun dilindən çıxan “ay namərd” sözünü Mirzə Alı ciddi hesab edib axund föhş verir. Bunun üstündə də camaat kişini o ki var döyür. Bir gün cənazə aparırlar. Şəhər uşaqlarından bir neçə yüzü cənazənin dalından düşüb qışqırırlar: “Ay namərd, bizi qoyub haraya gedirsən?” Xəbər aldım ki nədir? Dedilər: – Namərd Mirzə Alı ölübdür, dəfn etməyə aparırlar. Bir nəfər şəhər əhlinin adını, səbəb nə olursa, farmazon qoyurlar. Bu adam labüdd qalıb gedib miravoy suda camaatın əlindən şikayət edir. Mühakimə günü sudya farmazon ləfzinin mənasını soruşur. Cavab verirlər ki, bu sözün mənası yoxdur. Sudya deyir: – Belə olan surətdə mənasız sözdən incimək nə lazım? Nə eləyək, farmazon siz olmayın, mən olum! Bundan sonra camaat şəhər əhlinin yaxasını boşlayıb, düşür sudyanın üstünə. Sudya bazara, küçəyə çıxanda hər yerdə “farmazon, farmazon” səsi eşidir. Sudya axırda labüdd qalıb istefa verib, Rusiya şəhərlərinin birisinə baş götürüb getdi. * * * Seyidlər ocağı Məlumdur ki, islam və xüsusən şiəyi-Əmirəlmöminin vilayətlərinin cəmi ehtiyacatını: istər xeyirdə, istər şərdə, rəf edən İrandır. Əgər Iran olmasa idi, bilmirəm, bu yazıq camaat haraya gedərdi. Şad günümüzdə Iran bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymun oynadanlar, ayı oynadanlar göndərir. Dini ehtiyaclarımızın rəfi üçün mahir vaizlər, risalələr, mərsiyəxanlar, seyidlər və dərvişlər göndərir. Xülasə, Allah abad eləsin və bəd nəzərdən mühafizə etsin, yaxşı vilayətdir. Hətta müsəlman qardaşlara söylədiyim mətaın artıq lüzumunu nəzərə alaraq xüsusi seyid, rövzəxan, vaiz, mütrüb və dərviş fabrikləri təsis olunubdur. Götürək, məsələn, Kukəməri. Bu yerin əhalisi tamamən seyiddirlər. Bu kəndə getsən, ancaq arvad, uşaq və qoca kişilərdən başqa bir canlı görməzsən. Qalanları hamısı dağılıblar vilayətlərə. Kəndbəkənd, şəhərbəşəhər, məscidbəməscid, təkyəbətəkyə gəzib xüms toplayırlar. Və ildə bir dəfə evlərinə qayıdıb ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib yenə gedirlər qazanc dalınca. Bir əlli-altmış il bundan əqdəm iki nəfər kukəmərli seyid: biri Seyid Əhməd və biri Seyid Səməd Qafqaza varid olurlar. Bunlar hərçi gəzirlər, əllərinə bir şey düşmür. Məscid həyətində mat, məyus hər İki yoldaş dizlərini qucaqlayıb, yaman günlərə düşdüklərinə ağlayıb dərdlərinə çarə fikir edirlər. Seyid Əhməd deyir: – Canım, demək olmaz ki, camaat dindən çıxıb, mollanı, seyidi, mərsiyəxanı unudubdur. Dörd yana baxırsan: hamı mömin və dindardır. Mən iki dəfə bu şəhərə gəlib hər dəfəsində vətənə bir ətək pul aparmışam. Vətəndə iki yaxşı bağ almışam. İndi nə olubdur ki, camaatın gözü bizi görmür? Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Məhz bizim bəxtimiz yoxdur. Kişiyə hər şeydən qabaq bəxt lazımdır. Nə qədər çalışsan, nə qədər nəfəs döyüb, “ya cədda” deyib boğazını yırtsan, bəxtin ki, olmadı, heç bir mətləbə nail olmayacaqsan. Mənim başıma bir fikir düşüb, gəl onu da imtahan edək. Bu da tutmasa, qayıdaq vətənə, bir ildən sonra dübarə buraya müraciət edərik, bəlkə bəxtimiz açıla. – Söylə görək başına gələn nə fikirdir? – Yaxşı olar ki, həvalidəki dövlətli kəndlərin birində bir ocaq binası qoyaq. Əyləşək orada. Camaat nəzirdən, sədəqədən, halvadan gətirsin, biz də rahət yaşayaq. Gecə sübhədək İki yoldaş baş-başa verib tədbir tökdülər. Sübh Seyid Əhməd ağacını və xurcununu götürüb “ya Əli, səndən mədəd!” deyib yola düşdü. * * * “Uzunqulaqlı” kəndi səkkiz yüz evdən ibarətdir. Camaatı varlı, dövlətli, dindar, rövzəxanpərəst. Camaatın həştad faizi hacı, kərbəlayı və məşədidirlər. Məhərrəm və ramazan aylarında rövzəxan kənddən əskik olmaz. Özləri də hər rövzəxanı bəyənməzlər. Gedib şəhərdən on, on beş rövzəxanın içindən birini seçib gətirərlər. Və yaxşı pul ilə də razı edib yola salarlar. Hər cümə camaat məscidə cəm olub, camaat namazı qılıb axundun vəzinə qulaq verirlər. Cümə günü məscid camaat ilə dolu idi. Qapıda tanış olmayan bir “ya cədda!” səsi eşidildi. Camaatın hamısının nəzəri qapıya döndü. Seyid Əhməd ayaqyalın, sinəaçıq, başına döyə-döyə məscidə daxil oldu. Minbərə yaxınlaşıb dedi: – Əyyühənnas! Bura Seyid Səməd adlı bir şəxs gəlməyibdirmi? – Xeyr, gəlməyibdir. Gəlsə idi bilərdik. – Heyhat, heyhat! Məgər mənim röyam səhv imiş. Məgər mən elə günahikəbirə mürtəkib olmuşam ki, cəddim məndən üz döndərib, mən səhv röyalar görürəm! Vay mənə! Vay mənə! Belə deyib seyid başladı şarpaşarp təpəsinə çırpmağa... Axund yerindən qalxıb seyidin qollarını tutub saxladı. – Ağa seyid, sakit olun! Nə vaqe olubdur ki, özünüzə belə cəza verirsiniz? – Mən bədbəxt! Mən naümid, mən fələkzədə!.. – Bircə buyurun görək nə vaqe olubdur? Seyid ağlar gözlə başladı: – Mən Kirmanşahda ikən gecə röyada cəddimi gördüm. Buyurdu: “Ey mənim bədbəxt oğlum, sənin yeddinci baban Seyid Səfa “Uzunqulaqlı” kəndində İki yüz əlli il bundan müqəddəm mədfun olubdur. O, mömin, kəşfikəramət sahibi bir vücud idi. Bundan əvvəl, hamı dərdlər, mərizlər, şikəstlər, məyublar onun qəbrindən dərdlərinə dərman alardılar. O qəbrin İndiyədək məchul qalması övladına eyibdir. Əlbəttə; sabah yola düşərsən “Uzunqulaqlı” kəndinə. Səninlə bir vaxta mənim övladım da Seyid Səməd adlı bir nəfər Ərdəbildən haman “Uzunqulaqlı”ya varid olacaq. Onunla bahəm gecə yarısından sonra kəndin ətrafına çıxıb gəzərsiniz. Qəbr özü özünü nişan verər. İndi mən gəlmişəm. Seyid Səməd yoxdur. Məgər mən gördüyüm röya vəsvəsə imiş, xəyalət imiş! Vay mənə va müsibəta!..” Seyid yenə başladı təpəsinə yumruq endirməyə. Axund onu bir növ aram edib evinə təklif etdi. – Buyurun, bizim mənzildə bir qədər rahat olun, yəqin aclığınız var! – Yox, mən acından ölərəm, amma Seyid Səməd gəlməyincə dilimə çörək və su vurmaram. Bu halda məscidin qapısından vəhşiyanə bir səs ilə “ya cədda” eşidildi. Tamam camaat nəzərini qapıya tərəf döndərdi. Seyid Əhməd Seyid Səmədi görən tək camaatı basabasa ona tərəf yüyürdü. Məscidin ortasında bunlar qucaqlaşdılar və başladılar ağlamağa. Seyidlər ağlayırdılar, camaat da bir sürü qoyun tək ağız-ağıza verib salavat çəkirdilər. Axşam seyidlərin hər İkisi axund evinə qonaq getdilər. Kəndin ağsaqqallarından da neçə nəfər cəm olub gecə yarısına kimi söhbət etdilər. Məlum oldu ki, Seyid Səməd də haman gecə durub “Uzunqulaqlı”ya gəlibdir. Gecə yarısı camaat dağıldı. Seyid Əhməd və Seyid Səməd üçün xüsusi bir mənzildə yorğan-döşək saldılar. Elə ki iki yoldaş tək qaldılar, Seyid Əhməd Seyid Səmədə dedi: – Dadaş, deyəsən qumarımız tutubdur. Bura bizim ölüb-qalan yerimizdir! Seyid Səməd cavabında dedi: – Bax indi gör ki, necə tədbirli şəxsəm. Belə tədbir heç kəsin ağlına gəlməzdi. – Kəndin adı “Uzunqulaqlı”, camaatı da uzunqulaq! İki seyid əmmaməni bir tərəfə, əbanı o biri tərəfə atıb bir qədər oynadılar. Axırı yıxılıb yatdılar. Bir ay bundan sonra ətraf camaatı hər gün seyidlərə nəzir, təsəddüq və xələt gətirmədə idi. Bir aydan sonra Seyid Əhməd dedi: – Bilirsən nə var? – Nə var? – Camaatın tərəddüdü azalıb. Xalq bu saat ocağın açılmasına müntəzirdir. Gərək bu gecədən işə şüru edək. – Çox əcəb, çox gözəl! Gecə yarısı İki yoldaş kəndin kənarına, qəbiristana tərəf getdilər. Kənd camaatı hamısı istədi onlar ilə müqəddəs qəbri axtarmağa getsinlər. Seyidlər razı olmadılar. Dedilər ki, sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır. Siz bizimlə getsəniz, biz qəbri tapa bilmərik. Gərək bizim anımızda bir zinəfəs olmasın. Camaat məyus evlərinə qayıtdı. Seyidlər getdilər. O yan-bu yanı çox gəzib, dolaşıb, axırda bir ölmüş eşşək sümükləri tapıb bir qəbir qazıb orada dəfn etdilər. Və səhər dəstə-dəstə gələn camaata göstərib dedilər ki, axtardığımız seyid qəbri budur. O gündən ziyarət başlandı. Naxoş gəldi, sağaldı getdi. Çolaq gəldi, ayaqlı getdi. Kor gəldi, gözlü getdi. Seyid qəbrinin səsi cəmi qəzayə, hətta uzaq ölkələrə də yayıldı. Ocağın kəramətinə seyidlər özləri də məəttəl qalmışdılar. Qanuni-təbiətdir. Biri quru ağaca, ya bir daşa sidq ilə inanıb bir mətləb söyləyəsən, yəqin alarsan. Belə ağaclar və daşlar Məşriq-zəmində çoxdur. Bu vaqiədən bir il keçdi, bir gün Seyid Əhməd dedi: – Seyid Səməd, bilirsən nə var? – Xeyr, bilmirəm. – Mən istəyirəm bir vətənə gedim. Şükür olsun Allaha, qumarımız tutub, yaxşı pul qazanmışıq! Xudavəndi-aləm bu camaatın qulağını bir az da uzatsın. Mən bir-İki aylığa gedim, arvad-uşağa baş çəkim; sən də mən gəlincə əyləş burada mücavirlik et! Mən qayıdandan sonra da sən vətənə gedərsən. Amma bir şərt var: gərək mən qayıdandan sonra mənimlə həlal haqq-hesab çəkəsən. Ocağın mədaxilinə xəyanət etməyəsən. Seyid Səməd söz verdi ki, onun mədaxilindən bir quruş o yan-bu yan eləməsin. Seyid Əhməd getdi. Seyid Səmədə təklik əl verməyib on altı, on yeddi yaşında bir qız siğə eləyib, ocağın qırağında əyləşdi. Pul bir ucdan sel kimi gəlir, Seyid Səməd hər gecə cücə-plov bişirib nazlı arvadı ilə ağız ləzzəti ilə yeyir. İki ay tamam oldu. Seyid Əhməd səfərdən müraciət buyurdu. Bir-İki gün yorğunluğunu alandan sonra Seyid Səmədi çağırıb haqq-hesab istədi. Seyid Səməd bir dəftər gətirib Seyid Əhmədin qabağına qoydu və dedi: – Olan mədaxil budur. Seyid Əhməd mədaxili az görüb yoldaşından şübhələndi və dedi: – Seyid Səməd, bu mədaxil keçmişlərə görə çox azdır. Gərək mədaxil nəinki İki belə, bəlkə bir az da artıq olaydı. Yəqin burada bir qədər pul yaddan çıxıb yazılmayıb. – And olsun cəddimə, Qurana, yoldaşlıqda yediyimiz çörəyə! And olsun atam Seyid Qurbanəlinin goruna, burada bir həbbə o yan-bu yan olmayıb. Seyid Əhməd dedi: – Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxardasan. – Baş üstə, istəyirsən Qurana əl basım. – Yox, Quran lazım deyil. Degilən: and olsun bu qəbirdə yatana ki, bu haqq-hesabda nöqsan yoxdur! Seyid Səməd fikrə getdi. Bir azdan sonra başını qaldırıb dedi: – Seyid Əhməd, bilirsən nə var? – Xeyr, bilmirəm. – Bu qəbirdə yatanı sən də bilirsən, mən də. Bununla belə, and içməyəcəm. Həqiqət haqq-hesabda bir neçə məbləğ qələmdən düşüb. Bunu deyib həqiqi haqq-hesabı göstərdi. Seyidlər öpüşüb, yenə ticarətlərinə məşğul oldular. * * * Qəndil Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi. İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Atı, qaramalı saysız idi. Qubernatordan tutmuş axırıncı pristavadək onun evinə gələrkən “hər barədə” razı gedərdi. Kimin Iskəndər bəyin əlindən hökumətə şikayət eləməyə cürəti vardı? İşdir, bu gün şikayət etsə, sabah özü güllələnib, malı qarət olub, evi odlanıb, qızları, arvadları dağlara çəkiləcək idi. İskəndər bəyin hər əmrinə hazır olanlar, ehtiyaclarını onun vasitəsilə rəf edərdilər. Hökumət ərkanının ciblərini doldurmaq sayəsində İskəndər bəy dağlarda padşahlıq edirdi. Üç yüz evdən ibarət olan kəndin camaatı onun əlində əsir idi. Sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş İkimərtəbəli sarayında oturub, hər tərəfə fərman göndərirdi. Xalqın malının, canının, külfətinin ixtiyarı özündə deyildi. İskəndər bəydən biizn bir nəfər evlənə bilməzdi, bir nəfərin qızını ərə verməyə ixtiyarı yox idi. Evlənmək istəyən bir qədər peşkəş özü ilə götürüb, bəyin qulluğuna gedib, ondan izn almaq məcburiyyətində idi. Bəy razı olmasa, evlənmək mümkün deyildi. Əmrdən boyun qaçıran özünü ölmüş bilməli idi. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir, heç kəs cürət edib kənara süd sata bilməzdi. Gərək südünü aparıb bəyin pendir zavoduna, bəyin təyin etdiyi qiymətdə verəydi. Kənd əhalisindən bir nəfər kənara bir kasa süd satsaydı, yəqin bəy öz adamları ilə gəlib onun qapısındakı qaramalın hamısını güllə ilə qıracaqdı. Beləliklə, İskəndər bəy dağlarda neçə müddət padşahlıq elədi. Atalar deyiblər: “Hər yoxuşun bir enişi olar”. Iskəndər bəyin də başındakı tacı həmişəlik durmayacaqdı. Zəmanə dolandı. Şura hökuməti dağlara tərəf üz qoydu. İskəndər bəy partizan dəstələri və Qızıl Ordunu əlsiz-ayaqsız kəndlilər kimi hesab edib mümaniət göstərdi və neçə gün dağlardan ordunun başına od yağdırdı. Axır davam edə bilməyəcəyini düşünüb, evinin dəyərli xırda-parasını, atlarının yaxşılarını götürüb, yanındakı atlılar ilə birlikdə gecə vaxtı sərhədi addayıb qaçdı. Sübh Qızıl Ordu kəndə daxil oldu. Camaat ata-baba adətləri üzrə, duzçörək ilə ordunu pişvaz edib şadlıqdan bir neçə qurban kəsdilər. Bir nəfər qoca kişi ordunun komandanına tərəf gedib, birdən onun boynunu qucaqlayıb ağladı. – Ayaqlarına qurban olum, ay oğul; gəldiyin yollara qurban olum, ay oğul! – deyə saqqalı uzunu göz yaşı axıtdı. – Nə yaxşı gəlib bizi qaniçənin, bu vəhşi canavarın əlindən xilas elədin. Cavan komandanın da qocanın bu halətinin təsirindən gözləri yaşardı. Qocanı qucaqlayıb dedi: – Ağlama, dayı, daha bundan sonra sizə əziyyət, azar verənləri görməzsiniz. Onlar həmişəlik ölüb sizin aranızdan çıxdılar. Bundan sonra öz zəhmətinizin faydasını özünüz aparacaqsınız. Qoca bir də onu qucaqlayıb kənara çəkildi. Cavanlar ordunun arasına doluşub qızıl əsgərlərlə söhbət edib gülüşürdülər. Axırda gedib bir dəstə aşıq gətirib, axşama kimi çalıb, qızıl əsgərlərlə oynayıb şadlıq elədilər. Komandan İskəndər bəyin evinin qapısına möhür vurub qaraul qoydu. O biri gün sübh camaatı çağırıb bəyin evinin qabağına topladılar. Ordu ilə gəlmiş bir cavan oğlan çıxıb bir uzun nitq söylədikdən sonra dedi: – Yoldaşlar! Iskəndər bəyin tamam varı-dövləti sizin alnınızın təri ilə, əlinizin qabarı ilə düzəlibdir. O səbəbə, hökumət onun evində olan şeylərin hamısını camaata paylamağı qərara almış, hər kəs növbət ilə gəlib xahiş etdiyi şeylərdən apara bilər. Camaat: “Yaşasın təzə hökumət” deyə qışqırdı. Camaat növbətlə gəlib, qazandan-qabdan, yorğan-döşəkdən.. alıb aparırdılar. Birdən camaatın arasından bir cavan qadın irəli gəlib dedi: – Yoldaş! Xahiş eləyirəm, ancaq o tavandan asılmış qəndili mənə verəsiniz. – Bacı, qəndil sənin nəyinə lazımdır? Bu sizin daxmalara yaramaz; qabdan, qazandan, samavardan... sair kəndliyə yarayan şeylərdən götür. – Yox! Yalvarıram sənə! Amandır! Bu evdən mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər. Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. Oğlan cəld onu qaldırıb, əmr etdi ki, tavandan asılmış beş çıraqlı qəndili düşürüb ona versinlər. Qadın qəndili alıb, iki dəfə ah çəkib dedi: – Ax, arzuma çatdım! Birdən qadın, sifəti qan kimi qızarmış, gözlərindən alov saçaraq, üzünü camaata tutub dedi: – Camaat! Bir il bundan qabaq mənim atam, İskəndər bəyə bir inək peşkəş gətirib məni ərə verməyə izin istədi. İskəndər bəy qulaq asıb dedi: – Mən eşitmişəm sənin qızın çox gözəldir. Mən necə izin verim ki, armudun yaxşısını ayı yesin? Elə gözəl qızı çirkli bir kəndli aparsın? Bu inək mənə lazım deyil; götürüb apararsan evinə. Bu gecə gərək qızını mənə qonaq göndərəsən; ondan sonra hər kəsə istəsən verə bilərsən. Atam yalvardı, yaxardı, ağladı, ayaqlarına süründü. Qulaq verməyib döyüb qovdu. Yazıq kişi məyus evə gəldi. Istədi məni götürüb uzaq kəndlərin birinə qaçırtsın, bəyin atlıları qapını kəsdirib atama imkan vermədilər. Gecə neçə nəfər gəlib atamın, anamın əl və ayaqlarını bağlayıb, yerə yıxıb, məni apardılar. Bəy məni həmin bu otağa çəkib yırtıcı canavar tək qucaqlayıb, çarpayının üstünə yıxdı. Mən nə qədər yalvardım, ağladım, əziz ölənlərinin goruna and verdim, heç zad ona əsər eləmədi. Bu qəndilin çıraqlarının beşi də yanıb evi gün kimi eləmişdi. Mən, gördükdə ki, bu canavarın əlindən qurtara bilməyəcəyəm, yalvarıb dedim: “İndi ki məni əldən qoymaq istəmirsən, barı mənim bircə təvəqqemi qəbul elə; bu çıraqları söndür”. Dedi olmaz, mən gərək bu çıraqların işığında səninlə istirahət eləyim... İndi bəy qaçıbdır, mənim ona əlim çatmır, qısasımı bu qəndildən alacağam. Belə deyib, qadın yügürək balkona çıxıb oradan qəndili dərənin təkinə buraxdı və dedi: – Arzuma çatdım. Bu evdən mənə başqa şey lazım deyil, istəmirəm buradan apardığım şey gözümün qabağında durub, o murdar gecəni hər dəqiqədə mənim xəyalıma gətirsin. Sağ olun, yoldaşlar! Qadın oradan çıxıb qəhrəmantək evinə getdi. * * * Çeşmək Şəhərimizdə məşhur advokat Mahmud bəy əhli-kef və əhli-damaq bir vücud idi. Əhalidən, hər ürəyi darıxan, istəyəndə ki, bir qədər kefi açılsın, gedərdi Mahmud bəyin söhbətinə və həqiqət onun yanında əyləşənlər iki, üç saat dünya qeydini yadından çıxarardı. Mahmud bəyin mənzilində lətifələr danışıb gülməkdən sivay bir iş olmazdı. Şəhərin cəmi zəriflərinin yığıncağı Mahmud bəyin mənzili idi. Bunu da qeyd etməliyəm ki, iş vaxtında hər bir kənar söhbəti atıb ciddi işə məşğul olardı. Şəhərin ən qabil advokatlarından sayılardı. Mahmud bəy kitaba və qəzetə aşiq bir adam idi. Çox gözəl bir kitabxanası var idi və Rusiyada çıxan qəzetlərin zübdələrinə həmişəlik abunəçi idi. Hər vaxt gəlsə idin, masasının üstünü qəzetlərlə dolu görərdin. Dost, aşnalar çox vaxt onun yanına xüsusən qəzet oxumağa gedərdilər. Mahmud bəyin əziz dostlarından Mirzə Əhməd, bir gün əyləşib, gözündə Mahmud bəyin çeşməyi, bir-İki saat qəzet oxuyandan sonra durub xudahafiz edib gedir. Əhməd bəy gedəndən sonra, Mahmud bəy çeşməyi masanın üstündə görməyib, güman edir ki, Əhməd bəy çeşməyi səhvən özü ilə aparmış ola. O saat nökəri, Əhməd bəyin dalınca çeşməyi gətirmək üçün qaçırdır. Lakin nökər gedəndən sonra, Mahmud bəy qəzetləri aralayıb çeşməyi qəzetlərin altından tapır. Nökər gəlib Əhməd bəyin qapısını döyür. Əhməd bəy çıxır: – Qapı döyən, kimsən? – Mənəm, Abbasqulu, Mahmud bəyin nökəri. – Nə var, Abbasqulu! Xeyirdimi? – Xeyir olmamış nə var. Bəyin çeşməyini götürmüşsünüz. Ağam deyirdi versin. – Get ağana deyilən: qabaqca bir masanının üstünü axtarsın, sonra səni göndərsin. Çıx get. Məndə çeşmək-filan yoxdur. Nökər qayıdıb əhvalatı ağasına yetirir. Mahmud bəy hərçənd çeşməyi tapmışdı, bununla belə, təfrih üçün dostu Əhməd bəyi bir növ dilxor etmək fikrinə düşür. Pəncərənin qabağında durub küçəyə baxarkən, gördü Əhməd bəyin oğlu Mehdi gedir. O saat dayandırır: – Mehdi, sən Allah, evə çatan kimi atana deyilən mənim çeşməyimi göndərsin. Mehdinin dalınca Əhməd bəyin qonşusu tarzən Qulunu görür. – Qulu, mən ölüm, Əhməd bəyin qapısından keçəndə onun darvazasını taqqıldat. Deginən mənim çeşməyimi səhvən aparıb. Onu göndərsin. Xülasə, o gün üç, dörd adamdan və sabahı günü yenə də bir dörd, beş adamdan sifariş edib Əhməd bəydən çeşmək istəyir. Üçüncü gün Əhməd bəy özü gəlir Mahmud bəyin evinə. Əvvəl bir az çırtıq çalıb oynayır, sonra deyir: – Sabah gedirəm vağzala, oradan da o yana gedirəm. Hər nə bilirsən bundan sonra elə! Bir-iki stəkan çay içəndən sonra Əhməd bəy durub gedir. Mahmud bəy əyləşib, Əhməd bəy gedəsi yolda olan cəmi dost-aşnalarına məktublar yazıb, haman axşam yola düşən faytonlarla göndərir. O biri gün Əhməd bəy bir fayton tutub şəhərdən çıxır. Birinci mənzilə çatan tək baqqal Kosa Baxşalı gəlir: – Əhməd bəy, salaməleyküm. – Əleykəssalam, kefin necədir? – Niyə, sizin dövlətinizdən... Şəhərdən çıxanda Mahmud bəyi görmədiniz ki? – Bir gün irəli görüşdük. Necə? – Heç, elə budur, mənə bir kağız yazıbdır ki, guya siz onun çeşməyini aparıbsınız. Yazır ki, sənin dükanının qabağından ötəcək; əlbəttə, mənim çeşməyimi ondan alıb göndərəsən! Əhməd bəy, ovqatı təlx olmuş, cavab verir ki, qardaş, Mahmud bəy mənimlə zarafat edir. Yazginən ki, çeşməyi masanın üstündə qoyub gəlmişəm. Kosa Baxşalı inanar-inanmaz gedir. Faytonçu atlara bir az arpadan, sudan verib qoşub yola düşür. İki-üç saat yol getmiş, görür ki, bir atlı daldan sürətli “dayan, dayan!” – qışqıra-qışqıra gəlir. Faytonçu dayanır, atlı yetişir. – Faytonda gedən Əhməd bəy deyilmi? – Bəli! – Salaməleyküm. Bağışlayın, Əhməd bəy! Sizi yoldan elədim. Sizdə Mahmud bəyin çeşməyi var. Yazıbdır ki, kor kimi qalmışam. Nə kitab oxuya bilirəm, nə də yazı yaza bilirəm. Əhməd bəy yəqin sizin evin yanından ötəcək. Mənim çeşməyimi ondan alıb bir adam ilə göndərəsən. Əhməd bəy and içib bunu da inandırır ki, bu, zarafatdır. Onda çeşmək yoxdur. İkinci mənzildə Əhməd bəy faytondan düşüb bir nəfər aşnasını görmək üçün bazar gedir. Nalbənd Paşa at ayağına mıx çaldıqda bunu görüb əlini saxlayır. – Bağışlayın, siz Əhməd bəy deyilmisiniz? – Mənəm, necə? – Mahmud bəy kağız yazıb, onun səndə çeşməyi var, zəhmət olmasa, ver, gedən adam var, göndərim. Əhməd bəy qeyzdən daha özünü saxlamayıb deyir: – Mahmud bəy də qələt eləyir, sən də. Pəhmətlik uşağı, qoymazsınız yolumuzla gedək cəhənnəmə? – Bəy, haraya gedəcəksən, get, sözüm yoxdur; daha mənim təqsirim nədir, üstümə qeyzlənirsən? Vermirsiniz, yazaram ki, vermədi. – Yazgilən vermədi! – Baş üstə! Əhməd bəy nalbənd Paşadan ötüb aşnasının dükanına gəlir. Aşnası əvvəl bununla görüşdükdə Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy çatır vağzala. Karvansaranın qabağında dayanan tək, karvansaraçı Qurbanov gəlib salam verib “xoş gəldin” deyəndən sonra Mahmud bəyin çeşməyini istəyir. Əhməd bəy bunu da başa salır ki, bu, Mahmud bəy tərəfindən yoldaşlıqda bir zarafatdır. Bir neçə gün Əhməd bəyi dİndirən olmur. Bir gecə yatdığı zaman, görür qapını bərk çırpırlar. Qapını açıb görürlər açıqkəndli Səməd yüzbaşıdır. – Səməd yüzbaşı, bu gecəyarısı xeyirdimi? – Əhməd bəy buraya düşüb? – Bəli! – Ona deyin ki, onda Mahmud bəyin çeşməyi var, versin. Sabah gərək buradan poçta salıb göndərim. Əhməd bəy dəli kimi yerindən qalxır. – A gədə, həpənd uşağı, mən çeşmək oğrusu idim? Səməd yüzbaşı da hər adamdan söz saxlayan deyil. Cavabında deyir: – Həpənd oğlu sən özünsən. Mahmud bəy kimi dağdan ağır kişi məgər yalan yazır; yainki mən uşağam ki, bu gecə yarısı iyirmi verst at sürdürəm? Çox danışmaq lazım deyil. Dinməz, söyləməz çeşməyi bu saat ver. Yoxsa almamış yaxandan əl götürmərəm. Bir qədər də göftgudan sonra, Səməd yüzbaşını çağırırlar evin içinə. Yorğan-döşək verirlər, yatır. Sübh Əhməd bəy deyir: – Səməd yüzbaşı, məndə çeşmək, filan yoxdur. Bəlkə səhvən götürüb evdə qoymuş olam. Oğluma yazaram tapıb aparıb versin. Beləliklə bir növ onu sakit edib yola salırlar. Xülasə, Əhməd bəy Tiflisə gedir, çeşmək istəyirlər. Gəncəyə gedir, həmçinin, Bakıya, həmçinin. Axır labüd qalıb baş götürüb Türküstana qaçır. Burada İki il qalır. Daha Türküstanda onu dİndirən olmur. İki ildən sonra yenə qayıdar Qafqaza, şəhərə getməyib, Aclar kəndinə gedib Abbas bəyin evinə düşür. Qış gecələrinin birində Əhməd bəy və Abbas bəy buxarı kənarında əyləşib turac kababı yedikləri halda, görürlər qapı açıldı. Bir nəfər başı, gözü sarıqlı girdi içəri. Bu adam başlığını başından açınca tanımır. Sifəti açılanda görürlər ki, bu, sövdəgər Məşədi Dadaşın qardaşı Ələkbərdir. Ələkbər hərçi istəyir salam versin, soyuqdan dili tutulduğundan bacarmır. Ev sahibi qalxıb tez onun qolundan tutub, gətirib buxarının qırağında əyləşdirir. Bir azdan sonra Ələkbərin dili açılır. Ev sahibi soruşur: – Ay Ələkbər, bu qiyamətdə nə düşübdür sənə bir belə yol at sürüb gəlmisən! Xeyirdirmi? Ələkbər dili güclə söz tutaraq, ancaq bu cavabı verə bilir: – Çe... çe... çe... çeşmək! Bu keyfiyyət Əhməd bəyi bilmərrə halətindən çıxardır. Qalxır, başlayır otaqda o baş-bu başa getməyə: – Rəhmətlik oğlu! Zarafat bir gün olar, bir ay olar, bir il olar. Tiflisə qaçdım, olmadı. Türküstana qaçdım, olmadı... Mən başımı götürüb dünyadan da ki, qaça bilmərəm. – Ələkbər, qadan alım, Mahmud bəyi tanıyırsan. Budur iki ildən artıqdır, mənimlə bir çeşmək zarafatını başlayıb, sabah bu soyuğa baxmayaraq birbaşa gedərəm şəhərə, özü ilə görüşüb bu məsələni qurtararam. Ələkbər heç vədə inanmazdı ki, Mahmud bəy kimi bir möhtərəm adam, bu qışın qiyamət günündə ona on-on beş verst yol at çapdırsın: nədir, mənim Əhməd bəylə zarafatım var. Yəqin etdi ki, həqiqət Əhməd bəy onun çeşməyini götürübdür və İndi də ki, şəhərə gedir. Yəqin hesablaşar. Səhər Əhməd bəy çay içib şəhərə rəvan oldu. Mahmud bəy günorta, nahar etdiyi zaman bir də gördü ki, Əhməd bəy qapıdan girdi. Onun qabağına gedib həmişəki kimi başladı çırtıq vurub, atılıb oynamağa, amma gördü ki, Əhməd bəy donmuş adam tək durub, bunun hərəkətinə cavab vermir. Birdən Əhməd bəyin gözündən yaş cari oldu və dedi: – Ay canım, belə də zarafat olarmı? Bir-İki dəfə zarafat etdin, kifayətdir. Bütün dünyanı mənim başıma təng etmisən... Mən bədbəxtdən nə istəyirsən? Səni and verirəm balalarının canına, atanın goruna, bir yerdə yediyimiz duz-çörəyə. Daha məndən əl çək. Qoy rahat gora baş aparım. Mahmud bəy söz verdi ki, bundan sonra onunla işi olmasın. Ancaq dedi: – Sən buradan gedəndə dedin: nə bilirsən elə! Mən də bildiyimi elədim. Əlimin suyunu sənə göstərdim. Bundan sonra and olsun oğlumun canına, çeşmək sözünü dilimə də gətirmərəm. Gəl öpüşək, barışaq. Mahmud bəy və Əhməd bəy qucaqlaşıb öpüşdülər və əyləşib bir yerdə nahar etdilər. Əhməd bəy getdi. Mahmud bəy, doğrudur, bu gündən ondan əl çəkdi, daha çeşmək sifarişini ona etmirdi. Amma bu əhvalat cəmi şəhərə yayılmışdı. Dükanlarda, bazarda, yığıncaqlarda ancaq Mahmud bəy ilə Əhməd bəyin çeşmək əhvalatından başqa bir söhbət yox idi. Əhməd bəy bundan da diltəng olub həmişəlik xanənişin olub altı-yeddi sənə evindən çıxmadı. Şəhərdə belə danışırdılar ki, Əhməd bəy xəbti-dimağ olub. Doğrudur, bunu öz ailəsindən sivay görən yox idi, amma hamı bunu doğru bilirdi. Axır günlər, Əhməd bəy evinin üstündə çəkilən səlat, onun vəfat xəbərini şəhər əhlinə yetirdi. Camaat hər yerdən dəstə-dəstə onun təşyii-cənazəsi üçün cəm oldular. Əhməd bəyin nəşinin üstündə hamıdan çox ağlayan və “qardaş vay” – deyib başına döyən Mahmud bəy idi. Dostunun dəfni üçün hətta Mahmud bəy yüz manat da para verdi. Başına hava gəlib. * * * Haqq Mövcud Qara saçları çiyninə tökülmüş, başında qara kəndirlə sarınmış teyləsan, qara, uzun, qurşağınadək saqqal, qara, böyük sürməyi gözləri, boynunda bir pud gələn zəncir, arxasında bir ceyran dərisi... Bu idi onun qiyafəsi... Yol gedəndə heç kəslə danışmazdı... Heç kəsin sualına cavab verməzdi. Dilindən ancaq bu sözlər eşidilərdi: – Haqq mövcud! Haqq mövcud! Bu səbəb onun adına hamı “Haqq Mövcud” deyərdi. Uşaqlar onu küçədə görəndə hər biri bir yana qaçıb dağı ardı. Analar uşaqlarını qorxuzmaq istəyəndə deyirdilər: “Odur, Haqq Mövcud gəlir”. Yainki “Haqq Mövcud, gəl bunu apar!” Uşaq nə qədər ağlağan olsa idi, fövrən sakit olardı. Nəinki uşaqlar ondan qorxurdular, hətta böyük adamlar da onun mühib qiyafəsindən çəkinirdilər. Hər bir evə getsə idi, əlbəttə, ona pul verərdilər və deyərdilər ki, onu əliboş yola salmaq ailəyə bədbəxtlik gətirər. Dərviş pulu alıb, “Haqq mövcud!” deyib gedərdi. Boynundan asdığı ağır zəncirin nə olduğunu hər kəs soruşsa idi, cavab bu olardı: – Haqq mövcud! Xalq, “Haqq Mövcud”un bir kəramət sahibi olduğuna şəkk etmirdi. Biri deyirdi cadugərdir; biri – sahirdir; biri – kimyagərdir... Xülasə hərə bir ad qoyardı. Hətta deyirdilər ki, ona itlər hürmürlər. Qapılarda toyuqlar, küçələrdə quşlar onu görəndə qaçmırlar. “Haqq Mövcud” məscid həyətində bir pəncərədə əyləşərdi. Məsciddə təhsil edən tələbələrdən birisi öz gözü ilə sərçələrin hər gün gəlib. “Haqq Mövcud” un mənzilinə dolub onun dörd ətrafında atılıb-düşdüklərini görmüşdü. Tələbə yəqin etmişdi ki, “Haqq Mövcud”un şəyatin ilə əlaqəsi var və ətrafında atılıb-düşüb cükküldəşən sərçələr heç bir şey deyillər, məgər inki əcinnə və şəyatin. Qalan tələbələr də hamısı buna inanmışdılar. Bəzi ovqat neçə günlərlə “Haqq Mövcud”un qapısından qıfıl asılmış görərdilər. On-on beş günlərlə itirdi. Heç yerdə onu “gördüm” deyən olmazdı. Kimi deyərdi ki, yəqin mağaraların birində riyazətə əyləşib. Amma axund və mollalar sərsəm xalqı inandırırdı ki, bu günlərdə gecə xoruz banlayan zaman kimya otu işıq verər və onu da ancaq əhli-təqva görər. “Haqq Mövcud” da əhli-təqva olduğundan yəqin kimya otu axtarır. Axund əlavə edirdi ki, bunu özündən demir. Bu fəqərəni Mir Damadın “Məcməül-kəramat”ından və həkim Findirskinin “Kitabi-sirrülxəfiyyatı” nda görüb. Axund molla Sərsəm nüfuzlu bir vücud olduğundan hamı inanmışdı. Buna ürəkdən etiqad edənlərdən biri də nüsxəbənd Məşədi Əkbər olmuşdu. Bu şəxs, nüsxəbənd olduğundan özünü elmi-kimyaya dara hesab edirdi. Kimya yolunda, yəni dəmiri və misi qızıla döndərmək yolunda çox paralar sərf etmişdi. Kimya otunun müəyyən gecələrdə işıq verməsini o da Mir Damadın və həkim Fİndirskinin kitablarından oxumuşdu. Hətta neçə gecə gedib meşədə qalmışdı. Əhli-təqva olmadığından onu tapa bilməmişdi. Məşədi Əkbər axundun mübarək dilindən bu sözləri eşidib, “Haqq Mövcud” ilə dostlaşıb ondan kimyagərlik öyrənməyi qərara aldı. “Haqq Mövcud”u neçə dəfə Məşədi Əkbərin evinə gəlib-gedən gördülər. Məşədinin bir növ elmi-kimyadan başı çıxdığını bilib yəqin etdilər ki, Məşədi “Haqq Mövcud”dan kimya öyrənir. Günlərin bir günündə “Haqq Mövcud” yenə yox oldu. Neçə gün qonşular onun Məşədi Əkbərin evinə tərəddüdünü görmədilər. Məşədi Əkbərin qonşusu bir dəfə ondan xəbər aldı: – A Məşədi, bu “Haqq Mövcud” görəsən yenə necə olub. Heç görünmür? Məşədi bu sözü kinayə hesab edib dedi: – Mən nə bilim necə olub! Onun peşəsi aylarla itib yenə üzə çıxmaqdır. Bir də görəcəksən çıxdı bazara. Bir də bunu məndən soruşmağın mənası nədir? Mən “Haqq Mövcud”un tay-tuşu deyiləm, yoldaşı deyiləm. Məşədi belə güman edirdi ki, “Haqq Mövcud”un bunun evinə gəlibgetdiyini heç kəs bilmir. Amma bizim şəhər elə şəhərlərdən deyil. Gecə xəlvət birisi arvadı ilə bir söhbət edə, sübh onu tamam əhali bilər. Belə camaatdan “Haqq Mövcud” filan gizlətmək olmaz. “Haqq Mövcud”un itmək söhbəti bu dəfə şəhərdə özgə bir vəziyyət aldı. Söhbət arasında əhalidən biri zarafatla arvadına dedi: – Yəqin Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənəndən sonra onu öldürüb ki, kimyanı başqa adama öyrətməsin. Arvad səhər hamamda halvaçı arvadı Xan Sənəmi görüb dedi: A qız, Xan Sənəm, bir söz deyirlər axı... Deyirlər Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb. – A qız, o, onu nə eləcəyək öldürüb: “Haqq Mövcud” bir yoxsul, dilənçi dərvişdir. Onu da öldürərlərmi? – Axır o, kimya bilirdi. Məşədi Əkbər ondan kimyanı öyrənib, sonra da öldürüb. – Bax, bu ağıl kəsən işdir! Xan Sənəm xala Fatma Nisaya söylədi. Fatma Nisa Əmir Alı oğlu Ələsgərin arvadı Gülxanıma dedi. Gülxanım Pərnisaya, Pərnisa Cahanbanıya, Cahanbanı yuyucu Allahyetərə, yuyucu Allahyetər Qəzet Mələyə. Xülasə, bu xəbər tamam şəhərin arvadlarının arasına yayıldı: – Məşədi Əkbər “Haqq Mövcud”dan kimya öyrənib, sonra da öldürüb. Axır bunu da bilmək lazımi oldu ki, öldürəndən sonra onun nəşini nə eyləyib? Biri dedi: “Zirzəmidə basdırmış olacaq”, biri dedi: “Dövlətli adamdır, qoyar bir çuval içinə, göndərər şəhərdən çölə; bir yerdə basdırarlar”. Biri dedi: “Yox, nə lazım basdırmaq, tək adam bacarmaz. Şəhadət yanında da basdırsa axırda üstü açılar. Mən bilirəm. Yəqin onu öldürüb bədənini də təndirə basıb yandırıb. Ayrı cür heç ola bilməz”. Bu nəzəriyyə arvadlar məclislərində çox danışıldıqdan sonra mühəqqəq bir surət aldı və arvadların hamısı bir dil ilə deyirdilər: – Məşədi Əkbər “Haqq Mövcud”u öldürüb, bədəninin də təndirə basıb yandırıb. Hətta arvadlardan neçə nəfər nəql edirdilər ki, piyin qoxusundan Məşədi Əkbərin evinin yanından ötmək olmur. Məşədinin qonşusu bir arvad təkyədə ətrafında oturanlara nəql edirdi ki: – “Haqq Mövcud” axırıncı dəfə Məşədi Əkbərin evinə gələndən sonra, dörd-beş gün gecələr Məşədinin qapısından gələn piyin qoxusundan yatmaq olmadı. Yenə qabaqca güman etdik ki, qonşuda sabunxana açıblar. Amma soruşub bildik ki, qonşuda heç kəs sabun bişirmir. İy Məşədi Əkbərin həyətindən gəlir. Bu fikrə axırda kişilər də şərik oldular və başladılar Məşədi Əkbərə əyri baxmağa. Bir gün Məşədi Əkbər dükanında əyləşdiyi halda, qorodovoy gəlib xəbər verdi ki, pristav onu istəyir. Ömründə pristav qapısı tanımayan Məşədi Əkbər qalxıb dükanı bağlayıb qorodovoy ilə getdi. Bəzzaz Kərbəlayı Muxtar əhvalatı görüb, əttar uzunburun Xudaverdini səslədi: – Xudaverdi, aşnanı pristav apardı. “Haqq Mövcud”un kimyasını burnundan tökəcəklər! Uzunburun Xudaverdi gülüb, cavab verdi: – Bəs günahsız bir yazıq dərvişi öldürəsən, onun qanı yerdə qalarmı? Pristav, Məşədi Əkbəri görən tək öz kabinetinə çağırıb qapını bağladı. Otaqda ancaq iki nəfər qaldılar. Pristav əyləşib və Məşədi Əkbərə də yer göstərib dedi: – Məşədi, siz özünüz bilirsiniz ki, mənim nə qədər sizdən razılığım var. Xüsusən sizin həmişə öz kəsbinizdə olub başı aşağı, namus ilə çörək qazanmağınız, hökumətin əmrlərinə ürəkdən tabe olmanız, bir para hökumət əlində olan cəmiyyəti-xeyriyyələrdən pulu müzayiqə etməməyiniz həmişə ümənayi-dövlətin iltifatına sizi nail edib. Mən sizə zəhmət verib buraya çağırmışam, amma nə etməli. Doğrudur, çox da xəcalət çəkirəm; çünki mənim boynuma qoyulmuş vəzifə çox ağır vəzifədir. Amma bağışlayasınız, qulluq əmrinə itaət də bizim borcumuzdur. Şəhərdə gəzən şayiatdan müxbirsiniz və mənə də əmr olunubdur ki, sizi danışdırıb bəratülqövl yazıb silisçiyə göndərim. Bizə məlumdur ki, “Haqq Mövcud” deyilən dərviş axır vaxtlar sizing evinizə gəlib-gedirmiş və bunu da sizin qonşularınız hamısı görübdür. Avqust ayının beşində haman dərvişin sizin evinizə gəldiyini görüblər; amma qayıdıb getdiyini görən olmayıb. Haman gündən dərviş “Haqq Mövcud” itibdir. Mən yəqin etmişəm ki, dərviş “Haqq Mövcud”un itməyinin, sizə gəlib-getməsi ilə əlaqədarlığı yoxdur. Bəhər hal, siz tək möhtərəm şəxsə bu ləkəni üstünüzdən rədd eləmək vacibdir. Ona görə xahiş edirəm bu xüsusda bir izahat verəsiniz. Pristav bir varaq kağız götürüb, qələmi əlinə alıb yazmağa hazırlaşdı. Pristav, Məşədi Əkbərin oğlunun ölüm xəbərini, ya bankda yatan pullarının batmasını xəbər versə idi, bir belə əsər etməzdi ki, bu sözlər onu yandırdı, dedi: – Ağa pristav, şəhərin arvadları ağızlarını avara qoyub gündə bir gecə vaqiədə gördüklərini həqiqət hesab edib boş şayiələr buraxacaqlar, siz də ona qiymətmi verəcəksiniz? Mən sizi inandırıram ki, “Haqq Mövcud” ölmüyüb, görəsən qəzaların hansına gedib. Bir də görəcəksiniz ki, odur bazarda gəzir. Siz mənə on gün möhlət verin, mən “Haqq Mövcud”u yer deşiyindən də olsa ölüsünü, ya dirisini qulluğunuza pişnihad eləyim. Pristav cavab verdi ki: – Mən sizi danışdırıb bəratülqövl bağlamağa məcburam və hətta bunu sizə birdən demək istəmədim. Gərə sizi buradan qorodovoylar silisçinin qulluğuna aparsınlar. “Silisçi” sözündən Məşədinin az qaldı dili tutulsun. Başladı yalvarmağa: – Pristav ağa, mən şəhərdə bir abır sahibiyəm. And olsun sizin əziz başınıza, getdiyim Məşhədi-müqəddəsə, mən, mənə isnad verilən yolların adamı deyiləm. Pristav, Məşədi Əkbər tək girinə keçmiş yağlı qoyunu, əlbəttə, asanlıqla buraxmayacaqdı. Dedi: – Məşədi, mənim sizin təmiz, mömin, müqəddəs bir şəxs olduğunuzda şəkkim yoxdur. Nə etməli, əmrə taət etmək mənim vəzifəmdir. Yoxsa məni qulluğumdan xaric edib məhkəməyə verərlər. Təvəqqe edirəm izahat verəsiniz. Məsələsinə arif, həmişə öz təklifini bilən Məşədi Əkbərin sağ əli getdi arxalığın cibinə və pristav da zənn ilə gözlərini dikdi onun əlinin hərəkətinə. Bir azdan sonra əl, cibindən çıxdı və bir dəstə əsginas pristavın masasının üstünə qoyuldu. Pristav masa üstünə qoyulanın nə olduğunu gördüsə də, yenə Məşədinin gözünün içinə baxıb soruşdu: – Bu nədir? – Bir şey deyil, cənab! Mən sizdən təvəqqe edirəm: bu pulu göndərərsiniz qubernatorun hərəminə. Xeyriyyə işlərinə xərc olunmaq üçün. Mənə də bir az möhlət verəsiniz, mən qəzalara adam saldırım, “Haqq Mövcud”u harada olsa tapıb gətirsinlər. – Bunu mən qəbul edirəm: bu saat bir qəbz yazıb sizə verərəm. Pristav stolun qutusunu açdı. Məşədi onu dayandırdı: – Zəhmət çəkməyin. Sizin sözünüz mənim üçün qəbzdən artıqdır. İzin veriniz, qulluğunuzdan mürəxxəs olum. – Xoş gəldiniz. Sizə bir ay möhlət verirəm. Əgər bu bir ayın müddətində dərviş tapılmasa, məndən inciməyəsiniz! – Baş üstə, qəbulumdur. Allah sizi bu camaatın üstündən əskik eləməsin! Xudahafiz! – Xoş gəldiniz. Məşədi gəldi dükana. Bir az oturub getdi evinə. Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, “Haqq Mövcud”un ölüsünü, ya dirisini tapıb gətirsinlər. Bu fəqərədən neçə gün keçmiş şəhərin cavanlarından bir dəstə səyahət üçün şəhərin ətrafında məşhur bir bulağın üstünə gedirlər. Yeyib-içdikdən sonra cavanlar dağılırlar meşəyə bənövşə, sair çiçəklər dərməyə. Cavanlardan birisi meşənin qalın yerindən keçmək istədikdə ağacların arasından bir xorultu eşidir. Cavan, qabaqca güman edir ki, sürüdən ayrılmış donuzdur. Ağacların arasında dolaşıb, çıxmağa yol tapmır. Istəyir xorultuya tərəf getsin. Yenə ehtiyat edib yoldaşlarını səsləyir, yoldaşları cəm olurlar. Hamısı bir yerdə ağacları aralayıb, yeriyirlər qabağa. Bir az gedəndən sonra yoldaşlardan birisi səsləyir: – Kimsən, ay oradakı? Cavab gəlmir. – Kimsən? Cavab ver! Yoxsa vurdum. Birdən səs eşidilir: – Haqq Mövcud! Yoldaşlar “Haqq Mövcud”u çəkirlər eşiyə. – A kişi, neçə müddətdir burada nə qayırırsan? – Haqq Mövcud! Hər nə xəbər alırlarsa cavabında ancaq bunu eşidirlər: – Haqq Mövcud! Sübh camaat “Haqq Mövcud”u bazarda gəzən görür. Məşədi Əkbər onun qolundan yapışıb gətirir pristavın qulluğuna. – Buyurun, ağa. Bu da sizin “Haqq Mövcud”unuz! Bilin ki, mən adam öldürən deyiləm. – Məgər mən şəkk edirdim, Məşədi? * * * İt oyunu Qapısı daldan bağlı bir otağın içində dörd nəfər hökumət çörəyi yeməyə məhkum olmuşlar əyləşmişdilər. Biri N qəzasının afət və bəlası, sabiq prokuror Ivanov idi. İkincisi haman qəzanın pristavı Əzrayıl bəy idi ki, onun adı ilə analar uşaqlarını qorxudurdular. İki nəfər bazarda dalaşanda bir-birinə deyirdi: – Qardaşım, mənim canıma Əzrayıl bəy olmamısan? Nə istəyirsən məndən? İki yerdə qalanlar da neçə illərlə eli dəhşətdə saxlayan İki qardaş quldurlar idilər. Şəhərdə pristavdan sivay heç kəsin əqrəbası yox idi. O idi ki, onun evindən hər gün xörək gələrdi. Pristav, xörəyin çox olduğundan prokuroru da qonaq eləyirdi. Bəzi vaxtlar quldurlara da az-maz çatırdı. Bir gün nahar vaxtı pristav üzünü yoldaşlarına tutub dedi: – Həzərat, sizə bir qəribə nağıl eləyim. Bu prokuror ki görürsünüz, bir vaxt N qəzasının bəlayi-nagəhani idi. Nə etməli ki, indi təqdiriqəzdan mənim bozbaşıma möhtac olub. Mən bunun başına, osmanlılar demişkən, “tam mənası ilə” bir it oyunu gətirdim. Onun İndiyədək mənim o kələyimdən xəbəri yoxdur. Qoyun İndi bilsin: Mən N qəzasında pristav idim. Qılıncımın dalı da kəsirdi, qabağı da. Bir gün adam döydürməsə idim, gecə yata bilmirdim. Əvvələn, bu yerin camaatına qılınc müsəlmanları deyərlər. Bunların ki, bellərindən bir gün dəyənək əskik oldu, qudurub yollarından çıxırlar. İkincisi, adam döydürməyən pristavın camaat arasında qədr-qiyməti olmaz. Deyərlər: “Ağzı yava pristavdı”. Söhbətin şirin yerində moltanı gəldi, “allah saxlasın”. Bir də gördüm hardansa, bu zalım oğlu prokuror təyin olub. Gəldi çıxdı, bir-iki gündən sonra məni çağırıb dedi: – Əzrayıl bəy, mənə xəbər verirlər ki, siz burada adam döydürürsünüz, təvəqqe edirəm belə işləri qoyasınız. Yoxsa bir də eşitsəm ki, adam döydürmüsünüz, məndən inciməyin! Sizi məhkəməyə verəcəyəm. Əlim, ayağım kəsildi. Pristav olub adam döydürməməkdənsə, gedib əkinçilik eləmək yaxşıdır. Qardaşlar, öz başınıza gəlib. Azından hər biriniz yüz oğurluq etmisiniz. İndi insafla deyin, belinizə ağac dəyməyincə boynunuza alırdınız ya yox? Quldurlar İkisi də pristavın sözünü təsdiq etdilər. Biri dedi: – Papağını qoltuğuna vurub çəpər altından oğurluğa gedən binamusun atasına gərək od vurula. Pristav nağılına davam elədi: – Bəli, əlim, ayağım kəsildi, arvad kimi oldum. Istədim istefa verim. Sonra qəza özü mənim qolumdan tutdu. Bu prokurorun bir yaxşı ov tulası var idi. Yasavulları öyrətdim tulanı oğurlayıb gizlətdilər. Prokuror bir gün, İki gün iti axtardı, tapa bilmədi. Axır məni çağırıb yalvardı ki, onun itini tapım. Dedim: “Baş üstə, axtararam!” Bir on gün keçdi. İt tövlədə əyləşib istirahətlə hər gün ətdən, çörəkdən yeyirdi. Bir gün məyus bir halda prokurorun yanına gəlib xəbər verdim ki, bəs iti oğurlayan tapılıb. Yəqİndir ki, iti aparan odur. Amma əldə rəsmi dəlil yoxdur, hərçi təkid edirəm boynuna almır. And içir ki, itdən xəbərim yoxdur. Amma iti aparmağı yəqİndir. Prokuror qeyzə gəlib birdən dedi: – Belə, bas o kafir oğlu kafiri ağacın altına! O qədər vur, birqat qabığı getsin! Onda boynuna götürər. Dedim: – Baş üstə! Sabahdan prokurorun itini göndərdim və o gündən bunun izninə görə başladım: “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib!” başladım sağdan sola, soldan sağa dəyənək çırpmağa. Prokuror qulaq asıb soruşdu: – Əzrayıl bəy, həqiqət iti sən oğurlatmışdın? – Bəli! – Ax tı, maşennik! * * * Diş ağrısı Hacı Rüstəm Təzəşəhərdə mötəbər və möhtərəm bir tacir idi. Onun həmişə şüarı bu idi: “Fürsəti fövt eyləməz aqil, məgər nadan ola”. Ticarətə yeni qədəm qoyanlara nəsihəti bu idi: “Oğlum, qazancın azı, çoxu olmaz. Bir yerdə ki qazanc yeri gördün, özünü at oraya. Deyirlər şərab alış-verişi haramdır. Boş sözdür. Bu hədisi ermənilər çıxarıblar ki, şərab alış-verişini öz əllərində saxlasınlar. Vaxta ki, şərab alış-verişində qazanc gördün, al, sat! Mən özüm qoca kişi, Məkkəni, Mədinəni ziyarət etmiş və üzümü həcərüləsvədə sürtmüşəm. Vaxta ki, mən deyirəm, qəbul edin!” Hacı Rüstəm heç vaxt ömründə fürsəti fövt etməmiş. Odur ki, Təzəşəhərdə üç böyük evi, İki meyvə bağı və bir top dağıtmaz dükanı var. Bununla belə, heç bir işdə danışıb kəsişməsə, əlini cibinə salmaz. Məlumdur ki, xəzinədən gələn vergi elanının müqabilində danışıq olmaz. Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Görəndə ki, danışıq yeri yoxdur, kağızı verərdi oğluna: – Ay bala, çötkəni götür, hesabla gör burada səhv yoxdur ki... Taks-maks bilməzdi. Bazara gündə yüz taks qoysunlar, danışıb kəsişməsə idi, yarım girvənkə soğan da almazdı. Oğluna düşəndə deyərdi: – Bu əyyamın cavanları hər biri ildə neçə yüz manat “eh, neyləyim”ə verir. Məsələn: gedir bazardan çit ya meyvə alır, gəlir evə, hesablayanda görür İki şahı artıq veribdir. O saat deyir: “Eh, neyləyim, cəhənnəmə! Durub iki şahıdan ötrü bir də dükançı ilə çənə-boğaza çıxmayacağam ki?!” Çənə-boğaza da çıxaram, dükançının atasına da od vuraram. Faytona minirlər. Taksı beş şahıdır. Düşəndə baxır ki, cibində xırda pul ancaq altı şahıdır, görürsən hamısını atdı faytonçunun üstünə. Soruşsan ki, niyə faytonçudan bir şahını almadın, deyəcək: “Eh, neyləyim, atasının əti olsun”. Bu, axmaq işdir. Qoyma bir qəpiyin nahaq yerə getsin. Vaxtından, mövqedən istifadəni həmişə cavanlara məsləhət görürdü. Burada bir balaca haşiyə çıxıb yenə də mətləb üstə qayıdaq. Bir nəfər maraldan nağıl edirdilər. Ələhdəhü ələlravi-vəbalı nağıl edənin boynuna, yalan-doğruluğuna zəmanət etmirəm. Yalan olsa da “əz gil saxtənd, xub saxtənd”. Bəli, bir nəfər maraldan nağıl edirdilər Palçıqdan qayırmışlar, yaxşı qayırmışlar. ki, o da fürsəti fövt eləməzdi. Iranda çox bikar gəzəndən sonra baxır, görür ki, siğəxanalar sahiblərinə çoxlu mənfəət verirlər. Ancaq onu dayandıran bir məsələ idi. Baxırdı hər siğəxanada bir nəfər müəllim, axund əyləşib, gələnlərə siğə oxuyur. Maral molla da deyildi. Sonra görür ki, burada mollalıq artıq gərək deyil. Tək bunu bilmək kifayətdir: “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!”. Vəssalam. Bu sözlər deyiləndən sonra qız olur siğə eləməyə gələnin halalca malı. Maral savadlı idi. Təbi-şeri də vardı. Çox fikirdən sonra mənzil kirə edib neçə nəfər küçələrdə dolanan arvadlardan oraya doldurub başına bir karlı əmmamə sarıyıb əyləşdi yuxarı başda və məşğul oldu ticarətə. “Müttətuhü nəfsi binəfsikə, – qəbiltu!” Bunun nəticəsi olaraq, küçələr yetimlərlə dolacaq. Cəhənnəmə dolsun. Yetimə nə var? Dəyirmanın navından salarsan, donquzluğundan diri çıxar. Yetimin üzü daşdan bərk olar. Burnunun fırtığını yeyib böyüyəcək. Bir neçə müddət maral bu işə məşğul oldu. Axırda İran polis adamlarının dəqiqədə bir yol gələnlərinin, “müftə” istifadə edənlərinin əllərindən təngə gəlib, siğəxananı bağlayıb, ağ əmmaməni ala-bəzək əmmaməyə döndərib mərsiyəxan sifəti ilə Qafqaza gəlir. Neçə il kəmalimüvəffəqiyyətlə rövzəxanlıq eləyir. Axırda doqquz yüz beşinci ilin inqilabı düşür. Hər yerdə mətbuat işləri başlayır genişlənməyə. Camaatın təvəccöhü yavaş-yavaş mollalardan dönür. Maral o saat bunun gələcəyini görür. Əmmaməni yerə qoyub ziyalılarla yaxınlaşıb əl qoyur qəzetlərə, zamanaya müvafiq əşar yazmağa. Bununla hüsni-rəğbət və şöhrət qazanır. Bir az keçir. Iran inqilabı başlanır. Səttar xan, Bağır xan, Yefrəm xan, nəmənə xan, nəstə xan... Maral başlayır patrontüfəng ticarətinə. Söz yox ki, burada da filan qədər para qazanır. Axır hökumət bunu tutub sürgün edir. Maral sürgündə də bikar durmur. Bir dənə baqqal dükanı açıb əyləşir. On yeddinci ilin inqilabında vətənə qayıdıb hamını inandırır ki, o əsla ticarət etmirdi. Onun çalışmağı ancaq İran inqilabçılarına müavinət göstərmək idi. Irana göndərdiyi əslihə təşkilat malı idi və bunun üstündə də sürgün edilmişdi. Beləliklə, özünü menşeviklər partiyasına soxur. Sonra kələyinin üstü açılıb partiyadan qovurlar. Qafqazda qala Ruhanilər kəbin və siğə etdikləri zaman bu duanı oxuyardılar. bilməyib. Biri maralı Xorasanda görmüşdü. Deyirdi ki, bu saat orada siğə dəllallığı edir. Karvansaraları dolanıb zəvvarlara siğə təklif edir: – Məşədi, siğə nə mixahi? Çox təcrübə etdikdən sonra hər yerin adamları nə növ arvad xoşladıqlarını gözəl bilir. Məsələn, Bakıdan gələnlər... Kifayətdir, təfsil başlasaq, axırda cəncələ düşərik. Bəli, Hacı Rüstəmdən danışaq. Hacı Rüstəmin atası baqqal idi. Hər il yay fəslində yaylağa motal, yağ almağa gedərdi. Xırman zamanı da gedib kəndbəkənd gəzib nisyə yığardı. Çox vaxt oğlunu da özü ilə aparardı. Hacı Rüstəm baxıb atasının pul qazanmaq yolunda çəkdiyi zəhməti görürdü. Bir yandan da baxardı ki, İrandan keçmiş bir seyid, İki quruş mayası yox, “ya cədda!” deyib xırmanları dolanır, axşamadək bir at yükü taxıl cəm eləyir, aparır, bazarda satır, yenə düşür kəndlərə. Hacı Rüstəmin cavanlıqdan gözləri açıq idi. Baxdı ki, baqqallıqdan seyidlik xeyirlidir, nə səriştə, şecərə istəyən var, nə bir sorğusual edən. Atası öləndən sonra dükanı bağlayıb başına bir yaşıl əmmamə sarıyıb başladı seyid sifəti ilə gəzməyə. Həqiqətdə pul başladı başından yağmağa. Bir dəfə yolu, yaylağa gedən elata düşdü. Köç mənzil eləyib, heyvanları düzə buraxmışdı. Hacı Rüstəm gəlib “cəddinin payını” istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Bir şey olmadı. Labüd qalıb birdən qışqırdı: – Camaat, mənim cəddimin payını verməsəniz, sizin südünüzü qana döndərəcəyəm! Bu sözlə dırnağının arası qırmızı cövhərlə dolu barmağını “ya cədda!” deyib bir qazan təzə sağılmış südün içinə salıb buladı. Fövrən südün rəngi qızardı. Bu “möcüz”ü ağadan görən köç əhli, onun ayağına düşüb üzr istəyib torba dağarcığını doldurdular. Atını burnunadək yükləyib gəldi evinə. Bir az zamanda Hacı Rüstəm atasının iki, üç dövlətincə dövlət qazandı. Günlərin bir günündə xəbər gəldi ki, hökumət Təzəşəhər binası qoyur. Xahiş edənə pulsuz ev və bağ yeri verib, on İki il də hər bir xəracatdan azad edirlər. Məşədi, siğə istəmirsən? Bu xəbəri eşidib Hacı Rüstəm evi böyük oğluna tapşırıb birbaş Təzəşəhərə üz qoydu. Yetişib gördü ki, hər yerdən ev yeri almaq üçün adam gəlib. Ətraf tamam avamstan. Bu yerdə yaxşı dövlət qayırmaq olar. Ərizə verib həm ev yeri, həm bağ yeri alıb qayıtdı vətənə. Burada satmalını satıb, aparmalını götürüb, köç-külfətini yığışdırıb köçdü Təzəşəhərə. O vaxtdan orada sakİndir; yaxşı dövlət qazanıb Məkkəyə gedib. Mən görəndə yaşı həştadı addamışdı. Camaat arasında da böyük etibar sahibi idi. Onun öz işlərində sərhesab olduğundan bir şey yenə nağıl edim. Bir gün Hacı Rüstəmin dükan qonşusu, usta Həsən papaqçı gördü: budur hacı, başı-gözü sarıqlı yaman bir halda gəlir. – Ay hacı, olmasın azar, sifətini niyə sarımısan? – Usta Həsən, ölürəm! Bu gecə səhərədək ulamışam. – Nə olub? De görüm! – Nə olacaq, dişim məni öldürür. – Mən də dedim, görəsən nə var. Diş ağrısının bircə əlacı var: kəlbətin. Hətta bu xüsusda atalar da deyiblər: Qonşun pisdir, köç qurtar, Dişin pisdir, çək qurtar. Arvadın pisdir, boşa qurtar, Canın pisdir, öl qurtar. – Rəhmətlik oğlu, sənin də içini zarafat almışdır. Mən deyirəm ölürəm, bu da oturub mənə qurt-quran açır. – Axır mən nə eləyim? Get çəkdir qurtarsın! – Elə mən də ona gəlmişəm. Deyirlər, burada bir yaxşı ləzgi dəlləyi var. Amandır, harada olsa, gör onu tapdıra bilərsənmi? – Ay hacı dəllək nədir? Çağıracaqsan, gəlib bir at kəlbətinini salacaq dişinə, dartıb əngini də dişinin üstündə çəkəcək. Burada gözəl diş həkimi var. Səni aparım onun yanına. Bir dəqiqədə dişini çəkib səni rahat eləsin. – O, mənim bir dişimi çəkməyə məndən neçə alacaq? – Necə neçə alacaq? Nə istər, verərsən. – Yox, qardaş, mən tacir adamam, mənim hər bir haqq-hesabım gərək aydın olsun. – On şahı verərsən, qurtarar gedər. – On şahı nədir, kişi? On şahıya mən on dənə diş çəkdirərəm. Bircə qulaq as, sənə başıma gələndən bir keyfiyyət nağıl eləyim. Cavan vaxtımda... uf!..uf!..uf!.. aman, aman, öldüm. Qurbanınız olum. Cavan vaxtımda (hələ buraya köçməmişdim) sağ tərəfdən, üst dişlərimdən biri bərk ağrıdı. Üstünə sağlıq, usta Həsən! Bir ağrı tutdu ki, dizindizin sürünüb əlimlə ot yoldum. Adam göndərdim, bazardan dəllək Məşədi Teymur vardı, onu çağırtdım. Uf... uf... uf!.. Yenə nə yaman ağrısı tutdu bu zəhrimarın! Məşədi Teymur gəldi baxdı dedi ki: “çəkməkdən sivay əlacı yoxdur”. Dedim: “Nə bilirsən, elə!” Kəlbətini ilişdirdi dişimə, gücü gəldikcə dartdı. Diş çıxmır ki, çıxmır... Yazıq Məşədinin alnından tər tökülür. Hərdənbir deyir: “Ağa Rüstəm, bərk dur!” (o vaxt hacı deyildim). Deyirəm: “Durmuşam”. Xülasə... uf!.. uf!.. uf!.. Aman Allah... Aman allah... Elə ki gördü gücü çatmır, dedi: “Dur ayağa”. Qalxdım ayağa. Kəlbətini bir də ilişdirdi. Bir də baxdım məşədi ayaqlarını yerdən üzüb dişimdən asılıb. Daha dişim davam eləməyib bir köklü ağac kimi yerindən qopdu. Yazıq Məşədi Teymur yerə dəyib çul kimi sərildi. Yalan olmasın, yarım saat o halətdə qaldı. Bir belə zəhmətdən sonra ona mən İki şahı qara pul verdim. Hər qəpiyinə bir dəfə “Allah kisənə bərəkət versin!” dedi. İndi mən aparım matışkanın birinə on şahı verim? Nədi-nədi, bir az “şto-mişto” oxuyub? Bacarmayacağam. – Ay kişi, bunun əli təmiz, ayağı təmiz, çiçək kimi. Məşədi Teymur hara, bu hara! – Necə? Məşədi Teymurun əlindən onun əli təmizdir? Məşədi Teymur gündə üç dəfə dəstəmaz alır, amma sənin matışkan təharət nə olduğunu bilmir... Aman!.. Aman!.. Aman! Başım çatladı! – Danışma, dur düş qabağıma, gedək. Sən dişini çəkdirərsən, mən də bir az şirə çəkərəm. Onu görəndə deyəcəksən: dişimin otuz ikisini də buna çəkdirim. Usta Həsən Hacı Rüstəmi apardı diş həkiminin yanına. Həkim, təmtəraqlı bir xanım, hacını əyləşdirdi kürsünün üstündə. – Ağrıyan dişinizi göstərin! Hacı dedi: – Xanım, mən tacirəm; qabaqca buyur, görək nə alacaqsan? – Diş çəkmənin taksası on şahıdır. – Mən heç bir girvənkə kələmi taksa ilə almıram. Taksa ilə diş çəkdirəcəyəm? Sənə bircə abbası verəcəyəm, dişimi çəkəcəksən, vəssalam! – Bura sənin dükanın deyil, çənə bazarına çıxasan. Xahiş eləmirsən, gedə bilərsən. Hacı dayanıb fikrə getdi. Bir azdan sonra dedi: – Eybi yoxdur, çək! Ağrıyan dişim budur. Həkim dişi çəkib qoydu yerə. Hacı üzünü usta Həsənə tutub dedi: – Usta Həsən! Allah sənin evini bərbad eləsin, məni yaxşı həkim yanına gətirdin. Bu ki, baytardır. Belə də həkim olar? Allah bunun evini yıxsın! Həkim soruşdu: – Nə olub? – Nə olacaq? Allah sənin bəlanı versin. Ağrıyan dişimi qoyub salamat dişimi çəkdin! Həkim onu da çəkib yerə qoydu. Hacı ilan çalmış tək yerindən qalxdı: – Ay sənin adını həkim qoyub bura göndərənin atası it olsun! Ay sənə dərs verənin atası gorbagor olsun! Gərək dəlləkliyini bizim başımızda öyrənəsən? Səni həkim yazanın qələmi sınsın. Yenə salamat dişimi çəkdi. Ağrıyan dişim bax budur, bu! Həkim nə qədər and içdi isə, yenə hacı sakit olmadı. – Adını diş həkimi qoyunca, gedib özün üçün bir yüngül peşə tapa idin. Bax, zalımın qızı, ağrıyan dişim budur! Bu dəfə həkim hacının ağrıyan dişini çəkdi. Hacı on şahı verib söylənə-söylənə çıxdı çölə və çöldə usta Həsənə dedi: – Usta Həsən! Gördün, analar necə oğul doğub! Bax əsil ticarət buna deyərlər. Dişimi bir abbasıya çəkməyə razı olmadı, mən dişin birisini ona on yeddi qəpiyə çəkdirdim. Bundan sonra qiyamətədək Hacı Rüstəm onun yadından çıxmaz. * * * Qoca tarzən Bahar fəsli təzəcə daxil olmuşdu. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Əri Cavad tamam qışı xəstə yatıb, İndi isə qıçlarında bir qədər qüvvə hiss edib dedi: – Ay arvad, dörd aydır ki, mən xəstə yatıram və evin qapısından başımı dişarı çıxarmamışam, İndi bahardır, pəncərədən baxıram, görürəm bahar günəşinin işığı hər yeri tutubdur, ürəyim bərk darıxır, mənim paltarımı ver geyinim, gedim şəhər bağında bir az nəfəs alım, qayıdım evə. Bu neçə ayda bədənimə təmiz hava dəyməyib, bəlkə baharın istisi məni halətə gətirə. Arvad ərini geyİndirib qolundan yapışıb, pilləkəndən endirib qayıtdı. İndi neçə saat idi ki, əri getmişdi. Gec gəldiyindən, arvad iztiraba düşüb vurnuxurdu. Bir də qapıdan baxıb ərini gendən gələn görüb cəld pilləkənin ayağına enib qolundan yapışıb otağa gətirdi. Cavad uca boylu, başı, saqqalı ağarmış göyçək simalı bir kişi idi. Qocalığına baxmayaraq, cavanlığında geydiyi libasının tərzini dəyişməzdi. İpək arxalıq, mahud çuxa, boz və qiymətli Buxara dərisindən papaq, şavro çəkmə, belində qızıl kəmər, döşündə çarpaz asılmış qızıl saat zənciri... Onun libası həmişə bu idi. Arvad Cavadı çarpayının üstünə əyləşdirdi. – A kişi nə belə gec gəldin? Yorulmadın ki? – Yox, arvad, yorulmamışam, hətta özümdə bir cavanlıq qüvvəsi də hiss edirəm. – İnşallah tezliklə sağalarsan. – Bağda əyləşib, ətrafa tamaşa eləyirdim; hər tərəfdə ağaclar çiçək açmağa başlayırlar; quşlar bu ağacdan o ağaca atılaraq nəğmələri ilə baharı təbrik edirlər. Göy otlar qaranlıq torpağın altından başlarını çıxarıb, yüksəlmək üçün bahar havasından rişələrinə qüvvət diləyirlər. Balaca uşaqlar gülər sifətləri ilə biqeyd bağın xiyabanlarında qışqırtı ilə yüyürüşürlər. Onlara baxdıqca mənim ürəyim yanırdı. Öz-özümə deyirdim: bu uşaqlar necə xoşbəxtdilər, onların əsla xəyallarına gəlmir ki, bir vaxt olacaq, mənim kimi onların da evdən çıxıb evə qayıdanda qollarından yapışacaqlar. Oyanıb çiçəklənmiş ağaclara, göyərmiş otlara baxıb deyirdim: nə olardı insan da bu nəbatat kimi, qış daxil olanda yuxuya gedib, bahar vaxtı bədənində təzə bir qüvvət olaraq oyana idi! Cavad bir ah çəkib dedi: – Arvad, qalx o tarı mənə gətir, görüm çala biləcəyəmmi? Arvad qalxıb divardan asılmış tarı endirib torbasından çıxardıb verdi ərinə. Cavad tarı əlində tutub, neçə dəqiqə sakit tamaşa edəndən sonra, dərin bir ah çəkib, tarı sinəsinə basdı. Bir neçə mizrab vurandan sonra əli boşalıb tarı yerə qoydu. – Gəl, arvad, götür as yerindən, lənət sənə, dünya! Lənət gəlsin sənə, qocalıq! Məgər mən tar çalmaqdan yorulardım? Arvad tarı alıb, torbaya qoyub yenə divardan asdı. Bu halda qapı döyüldü. Cavad dedi: – Arvad, get qapını aç, gələn bizim uşaqlardır. Bağda gördüm, dedim gəlsinlər bir az söhbət eləyək. Arvad qapını açdı. Cavadın şagirdlərindən bir nəfər tarzən və bir kamançaçı daxil olub salam verdilər. Cavab cavanlara yer göstərdi: – Əyləşin, balalarım. Nə yaxşı olub çalğılarınızı da gətiribsiniz. Cavanlardan biri cavab verdi: – Sən bizi evinə təklif edəndə, biz fikir etdik ki, əliboş getməyin mənası yoxdur; gedib evdən tar və kamançanı götürüb gəldik. – Çox gözəl iş görübsünüz; bağışlayın, oturmağa taqətim yoxdur. Mən uzanım, siz də bir qədər çalın, sonra da çay içib söhbət edərik. Arvad, gəl məni soyundur. Cavan tarzən cəld qalxıb Cavadı soyundurub uzandırdı. Cavad dedi: – Çox sağ ol, zəhmət çəkdin. – Sən bizi öyrətməkdə az zəhmət çəkməyibsən. Bizim də borcumuz həmişə sənə qulluq etməkdir. İndi nə buyurursan çalaq? – Mən cavanlıqda hər havadan artıq “Rast”ı sevirdimsə, həvəslə də onu çalardım. Bir “Rast” çalın, mən də qulaq asıb cavanlığımı xəyalıma gətirim. Cavad gözlərini yumdu, cavanlar tarı və kamançanı götürüb “Rast” dəstgahını başladılar. Bir qədər çalmışdılar, gördülər Cavadın dodaqları tərpənir. Cavad deyirdi: – Yay fəsli idi. Şamaxı cavanları yığma qoyub, məndən sivay da İki dəstə çalğıçı götürüb neçə günün müddətinə yaylağa səyahətə getmişdilər. Aydınlıq gecədə, gözəl bir çeşmənin kənarında cavanlar halə qurub əyləşib, növbə ilə oxuyub çalanlara qulaq verirdilər. Meşənin tamam bülbülləri tarların səsinə cəm olmuşdular. Tar çalındıqca onlar da ağız-ağıza verib oxuşurdular. Bülbüllərin nəğmələri, meşənin və çiçəklərin ətri, gecənin sərinliyi, buludsuz göydə səyahət edən ayın tamaşası çalanların və oxuyanların hamısına nəşə verirdi. Onlar da həmişəkindən beş qat həvəslə çalıb oxuyurdular. Birdən cavanlardan birisi qalxıb dedi: – Həzərat, mənim bir təklifim var. Hamı üzünü ona tərəf tutdu, xanəndə sakit oldu. – Mən təklif edirəm ki, buraya cəm olan tarzənlər növbə ilə tək tar çalsınlar. Hər kəsin tarına bülbül gəlib özünü toxusa, mən ona yüz manat bağışlayacağam və onun adını da burada tarzənlər şahı qoyacağam. Hamı cavanın təklifini xoşlayıb tarzənlərə buyurdular ki, növbə ilə tar çalsınlar. Heç kəsin çalğısı bülbülü gətirə bilmədi. Axır növbət mənə gəldi. Tarı sinəmə basıb həmin bu “Rast”ı başladım. Bir də gördülər, bir dənə bülbül gəlib mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Dedim: “Ay zalımın quşu, ölsən də səni özümə tərəf çəkəcəyəm”. Bir az keçmişdi, onda gördüm bülbül ağacdan sürətlə enib özünü tara çırpıb uçub getdi. O vaxt Şirvanda Mahmud ağa adında bir muğamatşünas var idi. Mahmud ağa bu haləti gördükdə yerindən sıçrayıb gəlib mənim alnımdan öpüb dedi: “Ölmə, yaşa!”. Budur, ölməyib, yaşayıram... Budur, ölməyib yaşayıram! İndi mən kimə lazımam? Çalğıçılar “Şikəstəyi-fars”a keçəndə, Cavad hövlnak yerindən qalxıb qışqırdı: – Dayan! Bunu siz çalmırsınız. O şikəstəni mən çalıram. O barmaq mənim barmağımdır. Afərin, Cavad! Mərhəba sənə! Ölmə, yaşa, ölmə, yaşa! Baxın, baxın, göylər aralandılar, orada mənə əl eləyirlər. Odur göydən mənim üçün təxti-rəvan enir, daha mən bundan sonra yerlərə lazım olmayacağam! Gəlirəm! Gəlirəm! Bu yerdə Cavadın səsi birdən kəsildi. Arvadın ucadan qışqırtısı çalğıçıları diksindirdi. Hər ikisi hacatlarını kənara qoyub durdular ayağa. Bir az sonra iki şagird müəllimlərinin yumulmuş gözlərinə, rəngi qaçmış sifətinə baxaraq gözlərindən yaş axıdırdılar. * * * Kapitalizmlə mübarizə Sabiq tacir Ağa Qurbanı hamı tanıyırdı. Rastabazarda iki qapıdan ibarət böyük bəzzaz mağazası vardı; ildə neçə dəfə ticarət niyyəti ilə Moskvaya, Nijni Novqoroda, Lodza, Varşavaya gedib-gəlirdi. Şəhərdə İki böyük imarəti var idi. Hər biri ona bir neçə min manat mədaxil gətirirdi. Ağa Qurban nədənsə məni xoşlamışdı. Düşəndə birgə gedib onun dükanından parçadan-purçadan almaq istərdim. Məni əyləşdirib bir stəkan acı çaya qonaq edib, gəzdiyi şəhərlərdən, çəkdiyi keflərdən nağıl edirdi: – Sən Rusiyanın şəhərlərində çox olubsan, oraların həyatına hamıdan yaxşı tanışsan, odur ki, səni görəndə ürəyim açılır; baxıram ki, mənim dediklərimi bir tək sən anlaya bilirsən. Bizim bu yekəpapaqlarda anlaq nə gəzir, gedirlər bazara, gəlirlər evlərinə, bir az zəhrimar yeyib yıxılıb yatırlar və elə bilirlər ki, həyat sürürlər. Mən ölüm, bir gün bizə gəl, sənə bir dadlı düşbərə verim, sonra bir dəftər açıb qoyum qulluğuna, dəftərdəki şəkillərə bax, ağzının suyu axsın. Mən Moskvada, Nijnidə, Varşavada... ad qoymuşam. Bircə dəfə degilən, Qriqori Maksimiç mənim aşnamdır, gör nə qədər sənə hörmət edərlər, xanımlar arasında məni ayrı adla tanımazlar. Keçən il getmişdim Nijni yarmarkasına... Mal xırıd eləyib yola saldıqdan sonra bir neçə gün istirahət üçün qalxmaq xəyalına düşdüm. Bir neçə kafeşantana gedib ujin istədim. Bir də gördüm bir qoca qarı mənə tərəf gəlir; gəlib bir az durub dedi: – Siz yəqin bakılısınız? Dedim: – Həri. Dedi: – Bəs nə üçün təkcə ujin edirsiniz, mən sizi bir gözəl qızla tanış edim, bir yerdə ujin edin, vaxtınız skuçna keçməsin. Dedim: – Eybi yoxdur, get gətir. Sizin canınız üçün, kaftar zalım qızı elə bir qız gətirdi ki, yemə-içmə, xətti-xalına, gül camalına tamaşa elə. Qızı əyləşdirdi yanımda, başladıq ujin, şərab, flan... Yavaş-yavaş beyin qızışdı. Baxdım qızın əlində bir sumka vardır, sumkanı alıb açıb gördüm içi boşdur. Doğrusu, belə bir nazənin sənəmin sumkasının boş olmasına insafım yol vermədi. Əlimi cibimə salıb bir ovuc qızıl beşlik çıxardıb, tökdüm sumkaya. O qızın şəkli məndə durur, görsən valeh olarsan. Bir gün yenə yarmarkada gəzirdim. Yolum “tirə” düşdü. Bir qız orada əyləşib biri bir şahıdan nişana vurmaq istəyənlərə patron satırdı. Qızı görən tək vuruldum. Başladım mən də patron alıb nişan atmağa. Mənim də ki, nişana atmaqda bərabərim yoxdur, yüzdən yuxarı güllə atdım, biri də dəymədi... ha, ha, ha! Axırda bilirsən nə elədim? Bir dənə beş yüzlük çıxarıb qoydum qızın qabağına və dedim: – Mən uxajıvat-muxajıvat bilmərəm. Al pulu, dur gedək nahar eləməyə. Qız pulu götürüb, “tirin” qapısını bağlayıb düşdü yanıma. Onun da məndə şəkli var, gəlib görərsən. Xülasə, belə söhbətlərdən mənə çox elərdi. Ay ötdü, il dolandı, Azərbaycanda Şura hökuməti quruldu. Ağa Qurbanın evləri, dükanı keçdi hökumətə. Bir neçə müddət uzunu bu idarədən o idarəyə çırpınıb bu işin qanundan xaric olduğunu sübut etmək istədisə də, sübutları işə keçmədi. Axır bir idarədə bunu qandırdılar ki, Şura hökumətinin əsası, kapitalizmlə mübarizə etməkdədir. Siz apitalistlər öz sərvətinizi zəhmətkeşlərin əlləri ilə qazanıbsınız. İndi işçilər o sərvətləri dala istəyirlər, hökumət də onlarındır. Bu izahat onu guya yuxudan oyatdı. Birdən “qanunsuzluq” məsələsini boşlayıb başqa bir sübut meydana atdı, dedi: – Xub, vaxta ki, belədir və hökumət kapitalizmlə mübarizə edir, onda mənə ikiqat kömək etməyə borcludur, çünki kapitalizmlə birinci mübarizə edən mənim atam Hacı Qasım olubdur. Sonra da mən olmuşam və cəmi dövlətimi kapitalizmlə mübarizədə qazanmışam. Özünüz bir fikir edin. Mənim atam cümlətanı min manat maya ilə ticarətə başlamışdır. Ölüb gedəndən sonra, – Allah atanıza rəhmət eləsin, – İki yüz min manat nəqd pul, evlərdən, dükanlardan başqa, mənə keçdi. İndi mültəfit olsanız, bu sərvətin nə yolla mənim əlimə keçdiyini görərsiniz. Atam həmişə gedib Rusiyanın fabriklərindən mal gətirib satıb, qazancın cibinə qoyurdu və fabrikin də haqqını özünə göndərərdi. Bir gün atam fikir etdi: “Xub, nə səbəb mənim mincə manat mayam olsun, amma Morozov kimi xaxolun birisinin pullarını banklar tutmasın. Bu milyonlar mənim kimi kasıbların belindən çıxıbdır”. Bunu fikir etdikdən sonra gedib Rusiyadan neçə min manatlıq mal alıb gətirdi. Gətirəndən sonra... tarap! Özünü yerə vurub dedi vərşikəst olmuşam, dükanın viveskəsi dəyişildi, evlər də anamın adına yazıldı. Fabrikantlar gəlib gördülər – bir həsir, bir də Məmmədnəsir. Çıxdılar getdilər. Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə İki ev və dükan sahibi olmuşam. İndi buna kapitalizmlə mübarizə deyirlər, ya yox? Siz gərək mənim evlərimi, dükanımı, hamısını qaytarıb özümə verərsiniz. Çünki mən kapitalizmlə mübarizə etmişəm. Bu söhbət sovnarkomda oldu. Sovnarkomda bunun ağlının dərəcəsini görüb dedilər: – Sənin dərdinin əlacı burada olunmaz. Lazımdır Narkomzdrava gedəsən. Orada bəlkə sənə əlac oldu. Qriqori Maksimiç (biz də bunu belə adlandıraq) razılıq edib çıxdı. Narkomzdrav... Bir cavan oğlan masa dalında əyləşmiş, qabağında yığılmış kağızları bir-bir götürüb baxır, sonra dəftərə yazıb qoyur sağ tərəfinə. Qriqori Maksimiç bunun qarşısında durub kağızların hamısının dəftərə yazılmasını gözləyirdi. Nəhayət, oğlan qələmi yerə qoyub başını yuxarı qaldırdı: – Nə buyurursunuz? – Buyurmaq sizinlədir. Bircə mənə deyin görüm burada hamıdan böyük kimdir? – Böyük yoxdur. Iş başında əyləşən yoldaş var ki, o da narkomdur. – Narkom... narkom... Xub, onu görmək olarmı? – Nə üçün olmur, bu qapıdan içəri girin. Qriqori Maksimiç qapıdan daxil olub, gördü bir neçə nəfər adam sandalyalarda əyləşiblər. Baxdı ki, ev qonşusu Məşədi də buradadır. Gəlib salam verib, yanında əyləşdi. – Məşədi, siz burada nə oturubsunuz? – Narkomu görəcəyəm. – Sənin narkomla nə işin var? – Mənim, ayıb olmasın, arvadım neçə ildir, naxoşdur. Müalicə etdirməkdən məndə tab-tavan qalmamış. Özün bilirsən ki, mən gün ruzumu həmişə güclə çıxartmışam. Dedilər narkoma ərizə versən sənin dərdinə qalarlar. Arvadını ya balniskəyə, ya bir yaxşı havalı yerə göndərərlər. İndi onun üçün gəlmişəm. Bəs sənin burada nə işin var? Qriqori Maksimiç cavabında: – Ay Məşədi, sən özün bilirsən ki, mənim Rastabazarda İki qapılı bir dükanım və dağlı məhəlləsində də İki evim var idi... Əhvalatı müfəssəl nağıl etdikdən sonra Məşədi dedi: – Sənin işin burada keçməz, gərək Kommunxoza gedəsən. – Kommunxoz kimdir? – Köhnə dumu tanıyırdın? – Nə üçün tanımazdım. – Çox gözəl, get oraya, soruş ki, Kommunxoz haradadır, sənə göstərərlər. – Axır məni buraya göndəriblər. – Göndərən səhv edibdir, burada həkimlik işlərinə baxırlar. – Məni buraya göndərən hamıdan böyükdür, o səhv etməz. – Eybi yoxdur, əyləş gözlə, növbətin gələndə gedib narkomu görərsən. Qriqori Maksimiç bir qədər qonşusu Məşədi ilə dərdləşdi. Oturanlar bir-bir narkomun yanına girib çıxdılar. Bir neçə adamdan sonra növbət Məşədiyə gəldi. Bir neçə dəqiqə keçmiş Məşədi narkomun qapısından çıxanda Qriqori Maksimiç ona yaxınlaşıb xəbər aldı: – Məşədi, narkom necə adamdır? Cavandır, qocadır? – Yox, cavandır. Çox yaxşı oğlandır. Dərdimi dürüst söylədim, dedi həkimdən bir şəhadətnamə al, ərizə ilə ver, hər nə mümkündür edərəm. Çox sağ olsun. Ömrü uzun olsun. Yaxşı oğlansa, mənim dərdimə əlac eliyəcək. Qriqori Maksimiç növbət gəldikdə içəri daxil olub, narkoma ikiqat baş əydi. Narkom bunun belə baş əyməsinə həm təəccüb, həm də nifrətlə baxıb dedi: – Buyurun, əyləşin! – Yox, cənab narkom, qulluğunuzda durarıq, ancaq ərzim var. – Burada nə cənab var, nə qulluq! Buyurun əyləşin. Biz hamımız yoldaşıq. Köhnə fikirləri başınızdan çıxarın. Əyləşin. Qriqori Maksimiç ahəstə irəli gedib, narkomun göstərdiyi yerdə əyləşdi. – Buyurun görək, işiniz nədir? – Sənə qurban olum, ay cənab... Bağışlayın, yoldaş narkom. Bütün şəhər bilir ki, mənim Rastabazarda İki qapılı dükanım var idi, dağlı məhəlləsində də İki böyük evim var idi. Özüm də... Narkom Qriqori Maksimiçi dayandırdı. – Bağışlayın, burada ev, dükan işinə baxan yoxdur. Belə işlər Kommunxoz işidir. Get bu dərdini orada söylə. – Axır məni buraya göndəriblər. – Səni buraya göndərən səhv eləyib. Kommunxoza gedin. Narkom zəngi basdı və içəri daxil olan qulluqçuya: – Orada daha kim var. Burax içəri. Qriqori Maksimiç qalxdı ayağa: – İndi buyurursunuz Kommunxoza gedim? – Bəli, oraya gedin. Qriqori Maksimiç köhnə “duma” gəlib çox çətinliklə Kommunxozu tapdı. Qapını açıb daxil oldu. Cavan oğlan birinci otaqda əyləşib, qabağındakı bir yığın kağızları birbəbir oxuyub dəftərə yazırdı. Qriqori Maksimiçi gördükdə başını qaldırıb xəbər aldı: – Nə buyurursunuz, vətəndaş? – Kommunxozu görəcəyəm, onunla işim var. – Nə işiniz var? – Nə ərz eləyim. Hamı bilir ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində də böyük evim var idi... – Deməli, istəyirsiniz evlərinizin İkisini də özünə qaytarsınlar. – Bəli, evləri də, dükanları da. Əlavə, çirkli-pasaqlı matrosları gətirib doldurublar otaqlarıma, özümü də qısnayıblar bir balaca spalnaya, gərək o matrosları da mənim evimdən çıxartsınlar. Mən və mənim atam neçə illərlə kapitalizmlə mübarizə edib, sərvət qazanmışıq! Onu mənim əlimdən necə almaq olar! İndi bu saat gedib o kommunxoz yoldaşın yaxasından yapışıb evlərimi də, dükanımı da istəyəcəyəm. Mənim evimi almaqda heç kəsin polni pravası yoxdur. Cavan oğlan Qriqori Maksimiçə dəm tutmağa başladı: – Yox, sizə böyük zülm olubdur. Siz inqilaba böyük xidmətlər göstəribsiniz, gərək dükanınız və eviniz özünüzə qaytarılsın. – O matrosları da mənim evimdən çıxartsınlar. Ağzına-bozuna baxmırlar, ayaqları palçıqlı dolurlar otaqlara, bu saat mənim otaqlarımı görsən yazığın gələr. – Yox, əlbəttə, gərək sizin mülkünüzü qaytarsınlar, ancaq sizi buraya nahaq göndəriblər, sizi buraya göndərən hər kəs isə sizi əlinə dolayıb. – Bəs hamı deyir ki, mülk işinə Kommunxoz baxır. – Səhv ediblər, ancaq evlər əlinizə keçəndən sonra buraya naloq verəcəksiniz. – Naloqdan kim boyun qaçırar, həmişə vermişik, yenə verərik... İndi deyirsiniz məni buraya səhv göndəriblər? – Bəli, səhv! Burada sizə əlac olmaz. Mən görürəm, siz bir təmiz adamsınız, inqilaba da böyük xidmət göstəribsiniz. Ona görə, sizə əlac olan yeri dürüst göstərərəm. – Göstərin, atam sizə qurban! – Sizə əlac olsa “Azvin” deyilən idarədən olacaqdır, birbaşa gedərsiniz oraya, bu da onun adresi. Sizə orada əlac oldu olub, olmadı, gedin dinməz evinizdə oturun. Qriqori Maksimiç kağıza yazılan adresi alıb, oğlandan razılıq edib çıxdı. Vaxt keçdiyinə görə kağızı qoltuğuna qoyub sabah sübhdən getməyi qət etdi. Qriqori Maksimiç gəldi evə, arvad düşbərə bişirmişdi, bir neçə boşqab yeyib istədi yatsın, yuxusu gəlmədi. Arvad xəbər aldı: – Söylə görək, a kişi, nə iş görə bildin? – Dinmə, arvad, işim yolun ağına düşübdü. Bu gün Kommunxozun kantorunda bir yaxşı oğlana rast gəldim. Deyir heç kəsin haqqı yoxdur sənin evlərini, dükanını almağa. İndi budur bir adres verib, deyir oraya getdinmi, mülkünü alacaqsan, vaxt keçdiyindən bu gün gedə bilmədim. Sabah tezdən gedəcəyəm. Arvad bir qədər qulaq asıb dedi: – Kişi, gəl sən bir mənim də sözümə bax. Dur buradan düz get advokat Əlabbas bəyin yanına, ona da məsləhət elə, gör nə deyir. Nə qədər olsa dünya görmüş, iş bilən adamdır. Qriqori Maksimiçin ağlı kəsdi. * * * Advokat Əlabbas bəy kabinetində əyləşib çay içirdi. Qapı döyüldü. Durub açıb, Qriqori Maksimiçi gördü. – Ay salaməleyküm. Siz hara, bura hara! Içəri buyurun görək. Nə əcəb siz də bizə gəlmişsiniz? – Nə etməli, bəy dadaş, yük əyəndə daş qəribliyə düşər. Sizə vacib işim düşübdür. – Buyurun əyləşin, bir stəkan çay ilə necəsiniz?! – Çox razıyam, bu saat içib gəlirəm. – Əyləşin, söyləyin görək nə var, nə yox, budur neçə gündür bayıra çıxmıram, şəhərdən, bazardan xəbərim yoxdur. – Bazarda, şəhərdə nə olacaq? Bikarçılıq. Səhər çıxıb bir az bazarı dolanıb qayıdıram evə. – Niyə alış-veriş eləmirsiniz? – Elə bu məsələdən ötrü gəlmişəm qulluğunuza. Mənə bir məsləhət tökün, nə qədər də məndən alacaqsınız alın, xülasə, mənim dərdimə əlac eləyin. – Buyurun görək. – Axır siz özünüz bilirsiniz ki, mənim Rastabazarda iki qapılı dükanım var idi və dağlı məhəlləsində iki böyük evim vari idi... Əlabbas bəy, Qriqori Maksimiç ağzını açdıqda başı boşluğunu gördüsə də, yenə səbirlə onun şikayətinə axıradək qulaq asıb dedi: – Ağa Qurban! Mənim sizə doğru-dürüst, qardaşlıqda məsləhətim budur. Bu danışdığınız söhbəti elə burada qoyun qalsın. Fayda verən danışıq deyil. Şura qanunu ilə sizə nə dükan, nə də ev qaytarılmayacaq. Çəkdiyiniz zəhmət, xərclədiyiniz pullar da hədər gedəcək. – Necə gedəcək? Bəs mən və mənim atam, kapitalizmlə mübarizə etmişik... – Yox, Ağa Qurban, kapitalizmlə mübarizə buna deməzlər. Amma o ki sizin evinizi, dükanınızı alıblar, bu, kapitalizmlə mübarizədir. Mənim məsləhətimə qulaq asın, bir qədər səbir edin, görək işlərin axırı necə olur. – Axı siz belə deyirsiniz. Kommunxozun kantorunda qulluq eləyən oğlan bu adresi mənə verib dedi ki, buraya getdinmi, o saat sənin dərdinə əlac olacaq. Əlabbas bəy kağızı oxuyub ucadan güldü. – Bilirsiniz, Ağa Qurban, bu nə kağızdır? – Buyurun! – Bu “Azvin”in adresidir. Burada ancaq araq-çaxır işinə baxırlar, ev işinə qarışmazlar. İndi bilin ki, hər yerdə sizi biləyə dolayırlar. Qriqori Maksimiç məyus Əlabbas bəyin evindən çıxdı. Bayırda dayanıb bir qədər o yana-bu yana baxdıqdan sonra evinə tərəf yola düşdü. * * * O vaxtdan neçə il keçibdir. İndi də Parapet spekulyantlarının arasından və ya Malakan bağındakı “Qarabağ klubu”ndan keçdikdə, əlbəttə, Qriqori Maksimiçin səsini eşidəcəksiniz və görəcəksiniz özü kimi bir “fələkzadəyə” yan alıb deyir: – Axı siz bilirsiniz ki, mənim Rastabazarda İki qapılı dükanım və dağlı məhəlləsində iki böyük evim var idi... * * * Qaban Böyük poçt yolunun kənarında uca bir təllin üstündə vaqe, bir mərtəbəli, ağ daşdan yapılmış bina çaparların mənzili idi. Çaparların vəzifəsi dəmiryol moqifindən gəlib şəhərə və şəhərdən gəlib moqifə gedən poçtu müşayiət etmək idi. Çaparxananı idarə edən Rəhim bəy tamam qəzada “Gödək Rəhim bəy” adı ilə məşhur idi. Bu bir dünya görmüş, neçə illər polis idarələrində qədim murovlar, pristavlar, naçalniklər yanında xidmət etmiş şirİndil, zərif, gödək boylu, altmış sinnini ötürmüş bir kişi idi. Poçt yolu ilə gəlib gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmaliməmnuniyyətlə rəf edərdi. Qubernator həmişə deyərdi: “Poçt yolundakı çaparxanaların hər birində Rəhim bəy kimi mənim bir adamım olsa, yolda heç bir çapqın olmaz, qurd qoyunla otlar”. Təllin ətəyindən bir xırdaca çay axırdı. Bu çayın kənarı gözəl bir çəmən idi. Şəhərə gedənlər orada dayanıb çayın kənarında istirahətlə yorğunluqlarını alıb, çörək yeyib və çayın duru, “göz yaşı kimi” suyundan içib yola düşərdilər. Bir dəfə mən də ailə ilə şəhərə gedərkən həmin çayın kənarında düşüb samovar üçün Rəhim bəyə adam göndərdim. Bir də gördüm Rəhim bəy budur özü gəlir və mənim adamım da onun dalınca samovar gətirir. Məni gördükdə salam verib dedi: – Sizin adınızı eşidib salam verməyi özümə borc bildim. – Çox məmnunam, Rəhim bəy, əyləşin, çay içək, bir qədər də söhbət edək. Çayın suyundan samovara töküb od saldılar; Rəhim bəylə ikimiz bir kənarda, otun üzərinə salınmış cecim üstündə əyləşib söhbətə məşğul olduq. Mən papiros çıxarıb Rəhim bəyə təklif etdim. Rəhim bəy almadı. – Mən papiros işinə baxmıram. Özünüz buyurun çəkin. Mənimki budur. Rəhim bəy bunu deyərək, bir dənə uzun quyruq “çırt çubuğunu” çıxardıb qabağına qoydu. Sonra arxalığının yan cibindən tənbəki kisəsini çıxardıb əlində bir qədər ovçalayıb, çubuğunu doldurub çəkməyə məşğul oldu. Rəhim bəy keçmiş günlərdən, qaçaq Əbdülkərimin “Sultanbud” təpəsinin üstündə asıldığından, “Qaraçuxa oğlunun” öldürülməsindən və bu gunə keyfiyyətlərdən nağıl edirdi. – Əbdülkərim indiki qaçaqlara bənzəməzdi. İndikilər quldurdurlar, yol kəsəndirlər, qaniçəndirlər və hamısı da qorxaqdırlar; onların adam öldürməkləri də qorxalıqdandır, igid qaçaq qan tökməz. Əbdülkərim bir nəfəri öldürməzdi, fəqir-füqəraya dəyməzdi. Soyduğu ancaq tacirlər, mülkədarlar olurdu. Hətta füqəra gördükdə pul da verərdi. Divan əmələcatından, xüsusən polis qulluqçularından əlinə keçəndə tutub bərk döydürüb yola salardı. Onun qaçaqlığı da namus üstündə olmuşdu. Sarıqurbanlı Hacı Pənahın oğlu onun nişanlısını götürüb qaçmışdı. O da namusuna qatlaşmayıb oğlanı bazarın ortasında doğrayıb qaçaq düşmüşdü. – Rəhim bəy, İndicə dedin ki, Əbdülkərim qan eləyən deyildi. – Yenə deyirəm. Namus yolu başqa, yol üstə durub, gəlib-gedəni öldürüb, var-yoxunu aparmaq başqa. Bu yolda hər kəs olsa qan elər. Adını igid qoyan belə namusu yeməz. Murovlar, pristavlar, naçalniklər, hətta qubernatorun özü onun əlində aciz qalıb, öhdəsindən gələ bilmirdilər. Zalım balası qızılquşdan zirək idi. Birdən eşidərdilər ki, Əbdülkərim filan kənddə filan adamın evində gizlənibdir. Gedib evi əhatə edib sübhədək dörd yandan güllə tökərdi. Bununla belə, mühasirədən bir fəndlə qaçardı ki, hamını heyrətə gətirərdi. Uzun boylu, gözəl, ceyran kimi bir oğlan idi. Axırda öz yoldaşı namərdlik edib kişini girə verdi. Əbdülkərim asılan gün qəzanın hər bir yerindən Sultanbuda nümayəndələr çağırılmışdı; əlavə, tamaşaçıların sayı-hesabı yox idi. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar. Heç bir baxan deməzdi ki, bu adam ölüm ayağındadır. Sizi inandırıram ki, sifətində əsla təğyir nişanəsi yox idi. Ətrafa göz gəzdirib gülürdü, guya ki böyük bir ziyafətə gəlibdir. Qətnaməni üzünə oxuduqdan sonra axır deyəsi sözünü xəbər aldılar. – İzin verin anam ilə görüşüm. Anasını çağırdılar. Uca boylu, tənumənd bir qadın irəli yeriyib oğlunun üzündən öpdü. Əbdülkərim, anasının üzündən öpüb dedi: – Ana, mən igidliklə ölümə gedirəm. Məndən sonra bir qətrə göz yaşı töksən, ruhum səndən inciyəcəkdir. Anası cavabında: – Əbdülkərim anası ağlamaz. Sən də, oğul, dünyada igid yaşayıbsan, ölümə də igid get, rəngin bir zərrə qaçsa, sənə oğul demərəm. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. İzin verdilər, əlini qulağına qoyub oxudu: Mən aşıq gülə-gülə, Gül əkdim gülə-gülə. Evimi düşmən yıxdı, Üzümə gülə-gülə. Bayatını oxuyub çıxdı kürsünün üstünə, öz əli ilə kəndiri boğazına keçirib, ayağı ilə kürsünü yıxdı. Tamaşaçıların çoxusunun gözlərindən yaş axdı. Rəhim bəy çubuğunun başını çəkməsinin dabanına çırpıb dedi: – Heyf oğlan idi, min can əvəzi idi. Bir qədər söhbətdən sonra, çay hazır oldu. Hər birimizin qabağına bir stəkan çay gətirib qoydular. Söhbət zamanı baxdıq ki, bir qoca erməni bir sürü donuzu suvarmaq üçün çaya endirdi. Rəhim bəy donuzları görüb dedi. – Sizə bir qəribə qaban keyfiyyəti də söyləyim, bir az kefiniz açılsın. – Buyurun, – dedim: – Təxminən bir qırx il bundan əqdəm Murov Xasbabovun yanında qulluq edirdim. Cavan və qoçaq vaxtım idi. Bir gün Xasbabov Kür qırağında qaban ovuna çıxıb məni də yanınca aparmışdı. Bir qamışlığa od qoyduq; bir də gördük oradan bir qaban çıxdı; yalan olmasın, bir qatır boyda. Uşaqlar on, on iki güllə vurandan sonra güclə yerə yıxıldı. Xasbabov gəlib qabana baxıb dedi: – Mən nə qədər ov eləmişəm, bu böyüklükdə qabana rast gəlməmişəm. Bu əlbəttə şəhərə, naçalnikə göndərilməlidir. Məni çağırıb dedi: – Rəhim, bu qabanı şəhərə apara bilərsənmi? Dedim: – Baş ilə, can ilə. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb özüm də üstündə yola düşdüm. Gecə yarısı “L” kəndinə çatıb birbaş sürdüm məşhur ağsaqqal Hacı Osmanın qapısına. Səsləndim: “hacı, hacı”. Hacı səsimi eşidib köynəkcən qapıya çıxdı: – Rəhim bəy, sənsən? – Bəli mənəm. – Bu gecənin yarısında nə vaqe olubdur, xeyirdirmi? – Allah kəssin qulluq adamının işini. Bizim məgər gecəmiz, gündüzümüz olur? Naçalnikə qaban aparıram. Zəhmət olmasa, gəl onun başından, qıçından yapış qoyaq yerə, arabaçı gərək qayıtsın. Sabah buradan da bir ayrı arabaya qoyub apararam. Gördüm hacı dayanıb təəccüblə mənim sifətimə baxır. Dedim: – Dayanma, hacı, tez ol, arabaçı yazıqdı. Azad edək getsin. Hacı dedi: – Rəhim bəy, mən səni bir ağıllı oğlan bilirdim. Bu nə növ təklifdir? – Necə “nə növ təklifdir?” Burada bir ağır təklif yoxdur. – Rəhmətlik oğlu, bir özün fikir elə, mənim kimi ağsaqqal hacı kişiyə yaraşarmı ki, gəlib qaban başından yapışam, ya qabana əl vuram? Sən məgər müsəlman deyilsən? – Çox da müsəlman oldum. Müsəlmanlıq başına nə daş salsın? Murovun əmridir, gərək əməl olunsun. Nahaq yerə arabaçını məəttəl eləmə, gəl qabana yapış, qoyaq yerə. Hacı Osman qayıdıb otağa girdi və tez çıxdı. – Rəhim bəy, bir bəri gəl! Allahı sevirsən, bu xatanı mənim başımdan elə, al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır. Hacı Osmandan on manat alıb arabanı sürdüm molla Allahverdinin qapısına. Sübhə yaxın idi. Gördüm molla Allahverdi dəstəmaz alır. Məni gördükdə aftafasını yerə qoyub gəldi yanıma. – Ay Rəhim bəy, bu vaxt xeyirdimi? Bu arabadakı nədir? – Nə bilim nədir, Allah kəssin qulluqçuluğu. Başımıza sənət qəhət olub, özümüzü dolaşdırmışıq. Bir yolluq ölüb qurtarmaq min dəfə bundan yaxşıdır. Budur, bir qabanı yıxıblar bu arabanın içinə. Buyurublar şəhərə, naçalnikə aparım. Əlacım nədir? Boyun qaçırmaq olarmı? Oxuduğuna qurban olum, ay axund, gəl kömək elə bu qabanı qoyaq yerə, arabaçı qayıtsın evinə. Sübh açılandan sonra bir araba tutub, içinə yıxıb aparım. Molla baxıb, birdən dedi: – Əstəğfurllah! Əstəğfürullah! Rəhim bəy, eyib deyilmi mənə bu sözü deyirsən? Mən molla adam necə donuza yaxın gedim? Cavan oğlansan dinmirəm, yoxsa sənə çox ağır söz deyərdim. Təvəqqe edirəm mənimlə zarafat eləməyəsən. – Zarafat-marafat yoxdur. Gəl donuza yapış qoyaq yerə... Naçalnikə donuz gedir, bu da zarafatdan dəm vurur. Rəhmətlik oğlu, xalqı məəttəl eləmə. Çox danışdıqdan sonra üç manat da molladan alıb, arabanı sürdüm “Q” kəndinə. Xülasə, nə ərz edim. İki həftə bu qabanı kəndbəkənd bu hacının qapısından o hacının qapısına, bu mollanın qapısından o mollanın qapısına bu seyidin qapısından o seyidin qapısına gəzdirib, yüz manatadək pul topladım. Şəhərə yaxınlaşanda gördüm qabandan it qoxusu gəlir, bu sifətdə bunu şəhərə gətirsəm, naçalnik atamı yandıracaq. Atdan düşüb çölün çiçəklərindən xeyli yığıb tökdüm qabanın üstünə, şəhərə yetişib, murovun məktubunu içəriyə, naçalnikə göndərib, qabanı arabadan yerə salıb ata dəydim. Asta qaçan namərddir. Rəhim bəy nağılını qurtarıb, yenə çubuğu doldurdu. Bir-iki qullab vurub dedi: – Bəli, belə işlərdən mənim başıma çox gəlibdir. Yüz il danışsam, qurtarmaz. Bağışlayın, poçtun gələn vaxtıdır, qulluğunuzdan mürəxxəs olum. Xudahafiz. Qalxıb əl verib getdi. Mən də ailəmi faytona əyləşdirib, özüm də oturub şəhərə tərəf yola düşdüm. * * * Söhbət İsti yay günlərindən biri idi. Evin bürküsü məni boğduğundan, durub küçəyə çıxdım. Küçədə də, doğrudur, hava çox isti idi, amma bununla belə, balaca bir külək də əsirdi. Camaat istinin əziyyətindən küçələrdə əkindən qayıtmış yornuq öküz kimi o yan-bu yana dolaşırdı. Sərin su satılan dükanların qabağında xalq növbəyə durub, bir şahı, iki şahı verib özlərini bir az sərinlədirdilər. Cibi bir qədər pullular özlərini pivəxanalara verir, oralarda axşam sərini düşənədək vaxtlarını keçirməyə hazırlaşırdılar. Bir əlimdə papağım, o biri əlimdə dəsmalım şəhər bağının darvazasından ötəndə, bağdan bir nəfər məni səslədi. Dönüb qədim dostum Kərbəlayı Hüseynəlini gördüm. Bu görüşdən dolayı çox şad olub bağa girdik. Salamlaşdıqdan və əhvalpürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Dostumla neçə sənə idi görüşməmişdim. Ona görə keçmiş günlərdən, İndİki vəziyyətimizdən uzun-uzadı söhbət elədik. Dostum deyirdi: – Zəmanə çox adamın burnunu ovub, çox adamlara öz məqamlarını göstərib. Ciblərində pulu çox görüb allahlıq iddiası eləyənlər indi küçələrdə tülkü sifətində gəzirlər. Bir vaxtı mənim salamımı almayanlar, İndi özləri mənə qabaqca salam verirlər. insanlığı pulun çoxluğunda bilənlər, “bu adamın cibində bir qəpiyi yoxdur, onun ağzına baxmayın” deyənlər İndi görürlər ki, qüvvət pulda deyilmiş. Uşaqlarını xəlvət intibahnamə paylamaları üçün evdən qovan atalar İndi gəlib haman uşaqların kölgələrinə qısılırlar. Hərəkətlərindən qan qoxusu gələn qoçular indi quzuya dönüblər... Quru danışıqdan fayda çıxmaz. Dur, enək bağın ayağındakı meydançaya. Bir şüşə sərin su alıb ortalığa qoyub, söhbət vuraq... Bəlkə işin var idi, sənin işindən avara elədim? – İşim-mişim yoxdur bilmərrə, bu gün avarayam. – Di onda dur gedək. Bağın ayağındakı meydançada bir budka qoyulub, orada hər növ ürək sərinlədən içki, süd, qatıq və sair satırdılar. Keçib bir masanın yanında əyləşdik. Dostum yumruğunu masaya çırpıb, bir şüşə “barjom” istədi. Qız “barjom” suyunu və İki stəkan gətirib, masanın üstünə qoyub getdi. Dostum sudan bir stəkan töküb mənim qabağıma, birin öz qabağına qoyub başladı söhbətə. Söhbətdən belə məlum oldu ki, kooperativ dükanında qulluqdadır və özü də ittifaqda üzvdür. Keçmişdən, gələcəkdən bir qədər danışıb, dedi: – Sənə bir qəribə də əhvalat söyləyim. Dedim: – Buyur. Dostum başladı: – On beş, on altı il sənə bundan əqdəm məşhur Əmir bəy gəlib, bizim məhəllədə yer alıb bir imarət tikdirdi. Onun imarətini ki, görübsən. Bunun bizim məhəllədə gəlib sakin olması məhəllə əhalisinin hamısını təşvişə saldı. Qoçu adamdır; ağzın, burnun xoşuna gəlmədi, ya küçədə etina etmədin, salam vermədin, yainki tapançasının gücünü sınamaq istədi – gülləni çıxardıb “taraq” vuracaq başına, ondan sonra balaların ağlaya bildikcə ağlasınlar. Xülasə, bu adamın bizim məhəllədə ev tikdirməsi məhəlləyə vəba xəstəliyi gəlmiş kimi bir şey oldu. Xalq özünü, övladını vəbadan qoruyan kimi ondan da qorumağa məcbur oldular. Axırda məhəllə əhli belə qərara gəldi ki, bunu növbə ilə evlərinə qonaq çağırıb plov versinlər, bəlkə beləliklə onun xatasını üstlərindən dəf eləsinlər. Bir gün də növbət mənə yetişdi. Sən özün bilirsən ki, məndə elə bir qüdrət yoxdu ki, xalq kimi ziyafət düzəldə idim. Mənim dövlətim yox, mağazam yox. Bir balaca daxmam var idi ki, özüm və külfətim bir növ oraya sığınaq vermişdik. Peşəm də ki, tacirlərin yanında pirkeşiklik idi. Arvada dedim ki, ay arvad, gərək özümüz beş gün ac qalmalı olsaq da, Əmir bəyi plova çağıraq. Yoxsa mənimlə ədavət bağlar, günlərin birində də səni dul və balalarımı yetim qoyar. Arvad da mənim fikrimi bəyəndi, tədarük görüb bir axşam bəyi dəvət elədim, öz yovuq adamlarımdan da bir neçəsini çağırdım. Sən gərək ki, onda Gəncədə olurdun. – Bəli, doğrudur. – Axşam qonaqlar cəm oldular, bir azdan sonra bəy də iki nəfər adamları ilə təşrif gətirdi. Qonaqlar hamısı ayağa qalxıb bəyi yuxarı başa keçirtdilər. Qabaqca qonaqlara çay verildi. Bəy bir-iki qurtum çaydan içib işarə ilə məni yanına çağırdı. Gəlib bir dizim üstündə bəyin qarşısında çökdüm. Bəy xəbər aldı: – Bu çayı kimdən alıbsan? Kimdən aldığımı dedim. – Girvənkəsinə nə veribsən? – Bəy, iki manat. – Mən sənə məsləhət görürəm ki, bundan sonra evinə abırlı qonaq gələndə belə zibilləri ortalığa çıxartma. Bax gör belə çayı kimin qabağına qoyursan. Siz hər cür qarın qızdıran ələfiyyata adət eləmişsiniz; amma mən öyrənməmişəm. Bu sözləri mənə ahəstə dedi. Sonra səsini ucaltdı: – Kərbəlayı, bu çayı apar, mən şamdan qabaq çay içmirəm. Mən stəkanı götürüb xeyli pozulmuş otaqdan çıxdım, bir az keçdikdən sonra süfrə salınıb plov gəldi. Mənim arvadımın da plov bişirməkdə məhəllədə adı var. – Niyə, neçə dəfə yemişəm. Onun plovunu hər adam bişirə bilməz. – Di, dalısına qulaq as. Plovdan bir-iki tikə ağzına qoyub məndən xəbər aldı: – Kərbəlayı, bu düyünü kimdən alıbsan? Kimdən aldığımı dedim. – Bu camaat əcəb məxluqdur; gedər bazardan bir şey alsın, görərsən ancaq onu axtarır ki, girvənkədə bir qəpik ucuz olsun. Belə düyüyə məgər adam pul verər; budur, siçan qoxusu gəlir. Düyü alırsan get Hacı Mahmudun yanına, sənə gül kimi sədri düyüsü versin. İntəhası girvənkədə bir qəpik başqalardan artıq alacaq... Bu nə toyuqdur buraya qoyubsan? Bir dəridir, bir sümük; özü də elə bil Nadiri taxtda görübdür. O qədər qocadır. Mən ərz elədim ki, bəy, toyuğu bazardan almamışam, öz toyuqlarımızdandır; bildirin cücəsidir, qoca deyil. Bundan bəy daha da hirsləndi: – Mən yediyimi də, dediyimi də düşünürəm. Bu səbziqovurma nədir burada? Bunu apar özün kimi pirkeşiklərin qabağına qoy. Abırlı adamların qabağına belə xuruş qoymazlar. Bunu da gələcəkdə bil. Xuruşların əlası fisincan və mütəncam olar. Xülasə, mənim çörəyimi bilmərrə minnətdən salıb, durub getdi. * * * İndi gələk söhbətin şirin yerinə. Ay ötdü, il dolandı. Azərbaycanda Şura hökuməti quruldu. Bəyin evi keçdi hökumətə; özünü bir-iki dəfə tutub boşladılar, İndi sabiq mülkündə bir otaq veriblər, orada yaşayır. Beş-on gün bundan qabaq, gedirəm evə, gördüm bəy mənə tərəf gəlir. – Salaməleyküm! – Əleykümsalam. – Ay Kərbəlayı, belə qonşuluq olmaz; heç adamı itirib-axtarmırsan; demirsən: “Mənim burada bir qonşum var idi. Heç gözümə dəymir, ölübdürmü, sağdırmı?” – Nə bilim, ay bəy, qulluq adamıyam; sübh tezdən durub gedirəm kooperativə, axşam da yornuq gəlib başımı atıram yerə. Bu gün mənim bikar günümdür. Getdim qızımın özünə, uşaqlarına baş çəkdim, indi gəlirəm evə. Buyurun qonağımız olun, hərçənd elə bir ləyaqətli də xörəyimiz yoxdur. Arvad bir az bozbaş bişiribdir. Əgər meyliniz çəksə, buyurun! Bəy o saat razı oldu: – Niyə, bozbaş yaxşı şeydir, cana qüvvət verər, gedək. Bəy gəlib əyləşdi. Arvad bozbaşı bir kasaya töküb göndərdi. Başladıq yeməyə. Bəy dedi: – Bozbaşınkı odur ki, onu kasaya töküb, içinə çörək doğrayıb, qarışdırıb əllə yeyəsən. Mən dedim: – Bəy, meyliniz necə çəkir, buyurun. Bəy başladı iştahla bozbaşı içəriyə ötürməyə və yedikcə də tərif elədi. – Kərbəlayı, getdiyin ağa haqqı, mən İndiyədək belə ləzzətli bozbaş yeməmişəm. Mən aşpazıma ayda yüz manat məvacib verirdim. O da belə bozbaş bişirə bilmirdi. Var olsun bunu bişirən əllər. Afərin! Mən dedim: – Bəy, bilsəydim bəndəxanəyə təşrif gətirəcəksiniz, başqa növ bozbaş bişirdərdim. Bozbaşa lazımdır pomidor suyu vurulsun, albuxara salınsın, yoxsa burada bir noxud, bir də kartofludan sivay bir şey yoxdur. – Xeyr, onlar artıqdır, iş pomidorda, filanda deyil, bişirməkdədir. Çox dadlı bozbaşdır; məndən bacıya salam yetir, degilən sağ olsun. Əlləri var olsun. Bozbaşdan sonra bəy bir stəkan şirin çay içib durub “xudahafiz” edib getdi. Bu dəfə çaya heç bir diqqət tutmadı. * * * Müsibət Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi. Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi. Hacı Səlimin övladı yox idi; onun işlərinə arvadının qardaşı baxardı; özü ildə bircə dəfə səyahətə çıxıb şöbələrinə və əmlakına nəzər yetirərdi. Hacı Səlimin ölüm xəbəri, onun əsil vətəni olan şəhəri bir-birinə qatmışdı. Böyük bacısının evində böyük təziyə məclisi qurulub gələn camaata çay, qəhvə, plov verilməkdə idi. Axundlar qarınlarını və ciblərini hazırlamışdılar. Şəhərin arvadları dəstə-dəstə hacının böyük bacısı Pərinisənin evinə dolubboşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Hacının dörd bacısı: Pərinisə, Gülnisə, Şərəfnisə və Mələknisə məclisin ortasında özlərini saç-saça bağlayıb başlarına, sinələrinə yumruq çırpıb “qardaş vay” deyirdilər. Ağıçı Şahbaz qızı Minanın bayatıları bir ağac yol gedirdi. – Laylay qara beşik, illəllah qara beşik... Səndən neçə cavanlar gedib, səndən neçə igidlər gedib, səndən Hacı Səlim tək şahlara, xanlara baş əyməyən, yeridiyi yerə minnət qoyan, evi yurdsuzlar yurdu, qapısı köhlən atlı, dörd bacını yiyəsiz qoyan bir qardaş gedibdir. Xarab ev, xarab eşik... he...y! Ağıçı Minanın səsinə arvadlar hamısı “he...y” deyib səs verirdilər və dalısınca “şaxsey-vaxsey”, “şaxsey-vaxsey” səsi ucalaşırdı. Bacıların hər birisi bir dil ilə qardaşını oxşayırdı. Pərinisə – Oğul-qız üzünə həsrət gedən qardaş vay! Gülnisə – Qoltuğunun hesab dəftərinə bacın qurban qardaş! Şərəfnisə – Qapında dəstə-dəstə əli bağlı duran pirkeşiklərinə bacın qurban, qardaş! Mələknisə söz tapmayıb “gözüm çıxsın, ay qardaş, bacın öləydi sənin bu gününü görməyəydi, ay qardaş; dörd bacın sənə qurban olaydı, ay qardaş” deyə sinəsinə, başına yumruq çırpırdı. Pərnisə – Ay qardaş, mən səndən sonra dünyada qalmayacağam. Vallah, zəhər yeyib özümü öldürəcəyəm. Ay Allahı sevən, vurun məni öldürün. Qardaş hey, qardaş hey! Hardasan ay qardaş, bircə bacının səsinə səs ver! Bacılar dördü də səs-səsə verib “qardaş vay” deyə başlarındakı tüklərin yarısını yolub yerə tökdülər. Gözlərin yaşları, dırnaqları ilə dartıb dağıtdıqları yanaqlarının qanı sifətləri uzunu axırdı. Yaxın qohumları, gələcəkdə böyük sərvətə malik olması bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən bacıların qollarından tutub onları saxlamaq istəyirdilərsə də, fayda vermirdi. Bacılar dartınıb, onların əllərindən çıxıb üzlərini cırıb, saçlarını yolub başlarına yumruq çırpırdılar. Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular. Bir həftə keçdikdən sonra böyük bacı Pərinisənin əri öz arvadından və üç baldızından vəkalətnamə alıb Türküstana rəvan oldu. Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş bir qohumu qəbul edən tək istiqbal edib bir neçə gün ehtiram ilə müsafir saxladı. Axır müsafir, Hacı Səlimin bacıları tərəfindən vəkil olub gəldiyini və Hacı Səlimin əmlakının ona təhvil verilməsini tələb etdi: – Söz yox ki, sizin bacınız öz şəri hissəsini qanun üzrə aparacaqdır. Qalan pul və əmlak hacının bacılarına çatasıdır və mən də onların tərəfindən vəkil gəlmişəm. Oğlan durub sandıqdan natariyus tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirinin qabağına qoydu. O kağızdan məlum olan bu idi ki, Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir. İki gün sonra Hacı Səlimin bacılarına Türküstandan bu xüsusda bir teleqram gəldi. Teleqram Pərinisənin ərinin divanda iş başlamasının da xəbərini vermişdi. Bacılar teleqramı oxuyub, qoydular ortalığa. Pərinisə – İndi bunun adını nə qoyaq? İndi buna deyən gərək a... rəhmətlik, məgər heç bir dəfə də sənin fikrinə gəlmədi ki, mənim dörd bacım var, bu milyonlardan onlara da bir az saxlayım. İndi hər şey yola gedər, kişi gəlib məndən soruşmayacaqdırmı ki, “ölən qardaş sənin, mənim pullarımın təqsiri nə idi ki, plova verib gəlib-gedənlərin qarınlarına doldurdun?” Mən nə cavab verəcəyəm? O durub mənim qardaşımın goruna min dəfə söysə, mən nə deyə bilərəm? Bilirsiniz, bacılar, bu ziyan hamıya dəyibdir; xərci dörd yerə böləcəyik, hər kəs öz hissəsini gətirib ortalığa qoyacaq, yoxsa gücün hamısı böyük bacıya dəysin? Gülnisə – Bir qəpik də verən deyiləm; mənim pulum haradandır? Ərim bir kasıb kişidir, pulu haradan alır, gətirib ortalığa qoysun? Sənə kim deyirdi xərc çək, ərin qolunu çırmadı, girdi ortalığa; kabab qoxusuna getdi, gördü eşşək dağlayırlar. Ona biz nə eləyək? Pərinisə – A bacı, belə niyə deyirsən? Məgər ölən... dilim qurusun... yenə ağzıma gələni demişdim... Məgər ölən qardaş sənin də deyilmi? Gülnisə – Elə ölən qardaş dərin getsin, ciyərim yandı, qoy ürəyimi boşaldım. Hər bacısına bir on min manat qoysaydı, canı çıxardı. Şərəfnisə – Mən də bircə qəpik verən deyiləm. Ərin gələr, bizim payımızı gətirər. Xərcini üstündən götürərsən. Bəs zakon heç demiyəcəkdir ki, bu... bu rəhmətliyin bacıları da var. Pərinisə – Sən əmin ol, pul yük ilə gələcəkdir. Onun arvadı elə ustadır ki, onun əlindən bizə bir qəpik düşməyəcəkdir. Onu mən tanıyıram. O, mənim qardaşımı tovlayıb Türküstana aparanda, mən işimi bilmişdim. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu. Mələknisə – İndi belə qardaşın goruna söyməyib nə deyəsən? Bacılar söylənə-söylənə durub dağıldılar. Hacı Səlimin vəfatından qırx gün keçmişdi. Pərinisə pəncərədən baxıb dəstə ilə təziyəyə gəlməkdə olan arvadları görüb çıxdı qabaqlarına və dedi: – Ana-bacılarım mən təziyə saxlamıram. Hacı Səlim var-yoxunu arvadına qoyubdur, gedin onun arvadını tapın, evində təziyə tutun. Gedin, bacılar, mənim daha sizə verməli çayım, qəhvəm yoxdur. Bir neçə gündən sonra Pərinisənin əri Türküstandan əli boş qayıdıb gəldi. * * * Ovçu Qasım Ovçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək: – Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm. – Xeyr, əfəndim, nə buyurursunuz! Biz heç vaxt sizin söhbətinizin doğruluğuna şəkk gətirmirik. Bizdə gördüyünüz halət ancaq heyrət əlamətidir, başqa bir şey deyil və ola da bilməz. Ovçu üzrləri qəbul etməyib hekayətinin dalısını söyləməyəcəkdir. Bizim qonşumuz ovçu Qasım da bu qəbil ovçulardandır. Qış gecələrində bikar adamlar onun başına cəm olub söylədərlər. O da uzun-uzadı öz ovçuluğundan, hünərindən, dörd ayını bir gündə öldürdüyündən, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçin ovladığından, tüfəngsiz gedərkən yolda yüz tülkü gördüyündən və bu qəbil söhbətlərdən edib vaxtın xoş keçməsinə səbəb olur. Bu da qeyd edilməlidir ki, ovçu Qasımın uydurma söhbətləri fəqət ova dairdir. Qasım iş yalanı deməz. Qış gecəsi idi. Qasım kənddə isti buxarının kənarında başı açıq əyləşib bizim üçün söhbət edirdi. Buxarının içinə yığılmış palıd kötüyü çırtaçırt yanmaqda idi, samovar da bir tərəfdə segah oxuyurdu. Buxarının bir tərəfində bir böyük pişik dörd ayağını və quyruğunu uzatmış, xorultu ilə yatmışdı. Qasımın istəkli tulası “Gümüş” də qapının ağzında “şonqutma” əyləşib sahibinin söhbətinə qulaq asırdı. Bayırda şiddətli külək qarı səhra qumu tək havaya sovururdu, damın taxtalarının arasından keçdikdə fabrika borusu tək fit verirdi. Yoldaşlardan birisi küləyin vıyıltısını eşidib dedi: – Belə gecəninki belə-belə söhbətlərdir. İsti otaqda, isti buxarının kənarında əyləşib rəfiqlərlə vaxt keçirəsən. Qasım bu sözə şərik olmadı. – Yox, qardaş, səhvsən, görünür, ovçu deyilsən, qışın belə günləri ayı ovu üçün müsaid olur. Mən belə bir gündə, iki sənə bundan əqdəm dörd ayını Hacı Samlı meşəsində öldürdüm. Ayıların cəmdəklərini meşədə qoyub gəldim ki, səhər araba aparıb gətirim. Ayıların yerlərini və yolu da nişanlamışdım. Səhər araba ilə gəldim gördüm kürdlər zalım uşaqları cəmdəklərin dördünü də oğurlayıb aparıblar. – Qasım, ayının dördünü də tək özün öldürdün? – Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gümüş olar. Bu halda Gümüş öz adını eşidib “ham!” elədi. Gümüşün nə demək istəməsini yəqin bir sahibi bildi, bir də özü. Qasım söhbətinə davam elədi: – Qırqovul vurmaq üçün, dovşan ovuna, tülkü ovuna, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayan olar. Həmçinin ördək ovu üçün qış fəsli yaxşı olar. “Ördək” dedim, bir şey yadıma düşdü, sizə nağıl edim. – Buyur. – Bir sübh tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından ötərkən gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur. Yoldaşlardan birisi Qasımın sözünü kəsdi: – Ay Qasım, axır ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik. Qasım hirsləndi: – Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmazlar. Ancaq bu yerin ördəkləri başqadır: buranın ördəkləri çəpərə də qonarlar, hələ desən, ağaclarda yuva da tikərlər. Gümüş “ham” eyləyib sahibinin sözlərinə şərik oldu. Qasımın pərt olmağını görüb hamımız etiraz edən yoldaşı məzəmmət edib sakit etdik. – Qasım, söhbətini elə, görünür, bu adam xamdır. Qasım davam etdi: – Bəli, gördüm Allahverən kişinin bağının çəpərinə altı ördək qonubdur... Yox... nələt yalançıya, altı deyildi, beş idi. Gümüş “ham” edib hürdü. – Mən baxdım ki, tüfəngi ördəklərə boşaltsam, biri qalıb qalanı uçub gedəcək. Bəs necə edim ki, ördəklərin beşini də ələ gətirim. Bir qədər fikirdən sonra tüfəngin sünbəsini çıxarıb saldım lüləsinə. Tuşlayıb necə atdımsa, ördəklərin beşi də kabab kimi sünbəyə keçdilər. Götürüb gəldim evə. Biz buna bərk gülüşdük və Gümüş də “ham” edib hürdü. Pişik ayağa qalxıb çırpınıb, belini dikəltdi, gərnəşib evin küncünə tərəf getdi. Hamımız Qasımın hünərini tərif etdik. Qasım durub, çay töküb öz əli ilə hər adamın qabağına bir stəkan qoyub dedi: – Sizə qırqovuldan söyləyim. – Buyur, Qasım. – Atalarımızın məsəli var: “Yüz gün yaraq – bir gün gərək”. Bir gün Qarabağırlıya getməli oldum. Səhər ata minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim və halon ki, mən tüfəngsiz evdən çıxmaram. Adamın bəsarəti bağlananda bağlanır, Gümüş də yanımda idi. Gümüş “ham” edib cavab verdi. – Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul toyuğu pırtlayıb qalxdı. Baxdım tüfəngim çiynimdə yox. Qamçını qırqovulun dalınca atdım, qamçının qol halqası keçdi qırqovulun boğazına və bu halda quş uçub getdi. Bu əhvalatdan bir ay keçmiş yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm həmin qırqovul toyuğu kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəyəm, inanmay caqsınız: sizin hamınızın meyitini görüm ki, bir zərrə yalanı yoxdur. Baxdım ki, qırqovulun dalınca on və ya on iki cücə gedir və hər cücənin boynunda bir balaca qamçı var. Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş üç dəfə “ham, ham, ham” eləyib bayıra çıxdı. Hacı leylək (Ovçu Qasımın hekayətlərindən) Qardaşlar, sizə quşların həyatından çox söyləmişəm. Nə etməli, ovçunun başqa söhbəti olamı bilər? Quşların, heyvanatın aləmi ovçunun da aləmidir. Onların həyatı bizim həyatımızdır. Xalq bizi quşlara, heyvanlara düşmən hesab edir, deyir: – Ovçu ki bir quşu, ya bir heyvanı gördü, güllə atmaya bilməz. Belə deyil: mən bir dəfə meşədə ov etdiyim zaman bir talaya yovuqlaşdım. Baxdım bir qırqovul xoruzu özünü mərdanə çəkib durmuş, yanında dişisi, ətrafını cücələr bürümüş, otlayır. İndi özünüz söyləyin, elə təşəxxüslə öz ailəsi içində durmuş qırqovula mən gülləmi ata bilərəm? Mənim qolum quruyar. Quşlara yovuq olanlar onların həyatı ilə insanın həyatına təfavüt qoymaz. Onlarda bir-birlərinə dostluq, düşmənlik, məhəbbət, rəqabət, qısqanclıq görmək mümkündür. Göyərçinlərin ər-arvad sədaqəti insanda ola bilməz: qəflətən göyərçinin birinə güllə dəyəndə, onun yoldaşının nə hala düşməsini hamınız bilirsiniz. Yainki bizim bu dədə-baba sağsağanımız. Sağsağan ki, bir ziyankar quşdur; heyvanın belində bir balaca yara gördü, onu dimdiyi ilə açıb böyük yaraya döndərib, heyvanın ətini dartıb yeyəcək. Sağsağanda bir yaxşı xasiyyət də var. Baharın yağınlıq ya quraqlıq olacağını sağsağanlardan bilmək olar. Sağsağanlar yuva tikən vaxt diqqət edin, yuvanı ağacın başında tikərsə, yəqin bahar quraqlıqla keçəcəkdir, yox, ağacın qalın yerində tikərsə, bilin, bahar yağınlıq olacaqdır. Mən sizə hacıleylək həyatından bir nağıl deyim: Bərdənin yaxınlığında Quzanlı deyilən bir kənd var. O kəndin hər bir böyük ağacına baxsanız neçə hacıleylək yuvası görərsiniz. On və on iki yaşım olduğu vaxtlar mən orada yaşayırdım. Bizim həyətdə uca bir çinar vardı. Çinarın başında hacıleylək yuva tikmişdi. Bir dəfə ağacın başına dırmaşıb yuvanın içinə baxdım, yuvada bir neçə dənə yumurta var idi. Mən yumurtaların birin götürüb düşdüm yerə, sonra bir dənə çalağan yumurtası aparıb yuvaya qoydum. Neçə vaxt keçdi. Bir gün gördüm, ağacın başında qiyamətdir. Azından əlliyədək hacıleylək cəm olub yuvadakı çalağan balasına tamaşa edirlər. Bir azdan sonra leyləklər dişi leyləyin üstünə tökülüb onun tamam tükünü yolub özünü də yuvadan götürüb atdılar. Leylək hərçi istəyirdi yuvasına qayıtsın, vurub salırdılar. İki gündən sonra erkək leylək gedib özünə təzə bir yoldaş gətirdi. Təzə gələn dişi leylək, yuvadakı quşların hamısını öldürüb yuvadan yerə saldı və özü yumurtlamağa başladı. Qovulmuş leylək, özündə heç bir günah bilməyərək gecə-gündüz yuvasının ətrafında dolanmaqda idi. Bir gün arvadlar qapıda təndir salıb çörək bişirirdilər. Dul leylək yenə həmişəki tək öz yuvasının ətrafında dolanırdı. Hərdən bir istəyirdi yuvasına gəlsin, əri və təzə gəlmiş arvadı bunu vurub qaytarırdılar. Zavallı hacıleyləyin dili olsa idi, yəqin ərini və onun sair qohuməqrəbasını günahsızlığına inandırardı, nə etsin ki, dili yox idi. Birdən zavallı quş bacardıqca ucaya qalxıb, göyün üzərində bir-iki dövran vurub güllə tək özünü çırpdı təndirə. Arvadlar çalışıb onu çıxardınca heyvan yanıb tələf oldu. Bu keyfiyyət mənim yadıma düşdükcə, özümə heyrət edib deyirəm: nə üçün mən bu bəd əməli tutub, yazıq quşun bu faciəsinə səbəb oldum? Günah uşaqlıqdadır, yoxsa mən heyvanatın düşməni deyiləm. Sərçə (Ovçu Qasımın hekayətlərindən) Sizə bir hekayə söyləyəcəyəm, deyəcəksiniz ki, yenə Qasım uydurmalarını başladı. Sizi inandırıram ki, bu, uydurma deyil. Öz gözlərimlə gördüyüm keyfiyyətdir. Mənim rəhmətlik atam həmişə deyərdi: “Oğul, bir doğru ki yalana oxşadı, onu demə”. Mənim bu hekayətim yalana oxşayır, amma sizin canınız üçün, sırf həqiqətdir. Neçə sənə bundan əqdəm Tərnəvidə getmişdim. Orada Molla Abbasla işim vardı. Hamınız bilirsiniz ki, Tərnəvidin xalqı arıçılıqla məşğul olurlar. Molla Abbasın özünün də neçə səbət arısı vardı. Baharın gözəl günlərindən biri idi. Molla Abbasla dəhlizin qabağında əyləşib söhbət edirdik. Mollanın arvadı da dəyirmanlıq üçün buğda yuyub günə sərmişdi. Molla Abbas həm mənimlə söhbət edirdi, həm əlindəki bir uzun çubuqla buğdanın üstünə gələn toyuqları və quşları qovurdu. Birdən bir arı gəlib, bir buğda apardı. Hər ikimiz təəccüb etdik, buğda arının nəyinə lazımdır? Hərçi fikir etdik, bir şey duya bilmədik. Bir azdan sonra arı gəlib bir buğda da apardı. Molla Abbas dedi: – Arı gəlib bir də buğda aparsa, bu qocalığıma baxmayaraq, onun dalınca gedəcəyəm. Mən cavabında dedim: – Mənim ayaqlarım bərkdir, mən gedərəm və xəbər gətirərəm. Həqiqət, arı gəlib bir buğda da götürüb uçdu. Mən qalxıb onun dalınca yüyürdüm. Arı getdi mən getdim, arı getdi mən getdim. Endik bir dərəyə. Arını gözdən qoymayıram. Baxıb nə gördüm? Sizin canınız 1 Ağdam yaxınlığında kənddir. üçün, bir zərrə sözümdə yalan yoxdur. Gördüm kolun altında bir kor sərçə oturub, arının dızıltısını eşitcək ağzını ayırdı və arı buğdanı onun ağzına buraxıb getdi. Mən tamam heyrətlə qayıdıb, gördüyümü Molla Abbasa nağıl etdim. Molla Abbas bir qədər fikrə getdi, sonra bir salavat çevirib dedi: – Böyük möcüzdür. Qulaq asanlar bu nağılı Qasımın uydurmalarından hesab edib əhəmiyyət vermədilər. Belə nağıllardan ovçu Qasımın dilindən çox eşitmişdilər. * * * Qisas Müsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”. Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar. İki polis nəfəri kənardan durub laqeydanə baxırdılar. Meydanın bir tərəfindəki uçuq evin divarının üstünə çoxlu qadın və çocuq yığılıb hadisəyə tamaşa edirdilər. Bir nəfərə yavıqlaşıb xəbər aldım: – Qardaş, bu nə mərəkədir? – Nə mərəkə olacaqdır? Bu İki nəfər filan-filan olmuşlar bizim hamımızı binamus eləyiblər. Biz Nəsir bəyi görəndə xəcalətimizdən başımızı qovzayıb onun sifətinə baxa bilmirik. İki nəfər cavan müsavat zabiti ortalığa atılıb qışqırdılar: “Camaat, sizin işiniz yoxdur, biz İki qardaş bu saat bunların cəzasını sizin gözünüzün qabağında verərik”. Qardaşlar hər ikisi şaşqalarını sivirib hücum etdilər. * * * Əhvalatı başdan söyləyək. Şəhərdə Nəsir bəyi və onun qohum-əqrəbasını tanımayan və onlardan qorxmayan yoxdur. Vay o şəxsin halına ki, Nəsir bəyin, ya onun qohuməqrəbasının haqqında bir nalayıq söz danışsın və ya küçədə getdiyi yerdə təsadüfən onların birisinə toxunsun, yainki küçədə salam verməsin. Belə adam iki günün içində yox olacaqdı. Nəsir bəy özü, ya əqrəbası adam öldürməzdilər, belə işlər üçün onların xüsusi “adamları” var idi. Bu adamları mehmanxanalarda, restoranlarda, çayxanalarda, hamamlarda... hər yerdə tanıyardılar. Restorana daxil olub, nahar yeyib, durub gedərdilər. Xidmətçi gəlib pul istəyəndə restoran sahibi qəzəbli deyərdi: – A gədə, işin yoxdur, bunlar Nəsir bəyin adamlarıdır, mənim əziz qonaqlarımdırlar. Xoş gəldiniz, göz üstə gəldiniz, bu restoran sizə qurbandır. Restorançının, sözü yox ki, dili dediyini ürəyi demirdi. Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Bəy bunlarla yoldaşcasına, zarafatyana söhbətlər edərdi. Söhbət arasında birdən deyərdi: – Ay uşaqlar. Siz filan oğlu filankəsi tanıyırsınızmı? Bir nəfər cavabında durub deyərdi: – Bəli, mən tanıyıram, bizim qonşuluqda olur... Necə, bəy? – Heç mənim xoşuma gəlmir. Deyəsən o da qoçuluq fikrinə düşübdür. Mənim yanımdan bu gün belə təşəxxüslə ötdü ki, guya alçaq dağları o yaradıbdır. Papağı endirib gözünün üstünə, təmkinlə qədəmlərin ataraq yeriyir, guya bu adamları gözü görmür. Ona bir qulaq burması eyb eləməz. Sabahdan şəhərə bir xəbər düşəcəkdi ki, filan oğlu filankəsi bu gecə öldürüblər. Belə adamlardan hər ay, ayda bir neçəsi öldürülərdi və hamısının da qanı arada gedərdi. Çünki polis idarələri hamısı bəyin əlində idi: hamı pristavlar bəyi görəndə ikiqat baş endirərdilər. Bəy faytonla getdikcə qaradovoylar şux ona “çest” verərdilər və bəy də bunun müqabilində pul çıxarıb onların üstlərinə atardı. Nəsir bəy şəhərin yavıqlığında vaqe bir kəndin “quru bəylərindən” idi. Demək olar ki, haman kəndin əhalisinin əksəri onun kimi “quru” bəylərdən və qohum-əqrəbasından ibarət idi. Bunların adları bəy idi. Zahirən hamısı sadə kəndli sifətində, hamısı əkinçi, cibləri boş, yavan çörəklə dolanan, amma bəyliklərinə həmişə fəxr edən və sair camaatdan özlərinə ehtiram gözləyənlərdəndilər. Camaat ehtiramı isə ancaq onların adlarına bir “bəy” ləfzi qoşmaqdan başqa bir şey deyildi. İttifaqən bu bəylərin əkin yerlərində neft göründü. Bəylərin özlərində pul töküb quyu vurdurmaq, ya buruq qoydurmaq məqduru yox idi. Bu yerdə sair mədənçilər bunların köməyinə gəldilər. Bəylərin yerlərini çıxacaq neftdən müəyyən faiz vermək şərti ilə icarəyə götürdülər və qabaqca da bir qədər “avans” verdilər. Bir neçə sənədən sonra gördüyümüz quru bəylər hamısı milyonçu oldular. İndi bunların “təşəxxüsləri yer yırtırdı”. Bununla belə, camaatın ehtiramını yenə qazana bilmədilər. Bəylər fikrə getdilər: “Bu yaramaz. Biz milyonçu adamlar, öz yerimizin camaatı nə üçün bizim hörmətimizi saxlamasın, görəndə baş əyməsin, buna bir tədbir gərək”. Çox fikirləşdikdən sonra qət etdilər ki, hər birisi başına bir neçə qoçu cəm edib, onlara məvacib təyin edib, sair camaatı qorxuda saxlasınlar. Onlardan boyun qaçırdanları öldürüb ortalıqdan çıxartsınlar, pul zoru ilə polis qulluqçularını əllərində saxlasınlar. Bu tədbir bəylərə gözlədikləri nəticəni verdi. Həqiqət, camaat qorxusundan bunların məclislərdə tərif edib, görəndə ikiqat baş əyməyə başladılar. Nə etməli, can şirin olar! Xülasə, pul zoru ilə bəylər tamam şəhəri və həvalini dəhşət içərisində saxladılar. Şəhər əhalisindən Nəbi İsmayılov adlı bir şəxsin bir vəcihə qızı var idi. İsmayılov, fəqir, öz kəsbi ilə özünü və ailəsini bir növ dolandırırdı. Köməksiz olduğundan, qızını bir nəfər qoçaq cavan oğlana nişanlamışdı. Qız bir qədər rus-türk məktəbində oxuyub savadlanmışdı və çadradan qaçıb açıq gəzirdi. Nəsir bəyin zabit oğlu bu qızı görüb öz ürəyində onu ələ gətirməsini qət etdi. – Mən adam göndərib Nəbinin qızını istəyərəm. Kəndlinin birinə verincə mənim kimi bəy oğluna versin. Verməzsə, pulum var, zorum var, atasını yandırıb alaram. Cavan bəy oğlu çox xərc çəkdi. Şəhərin məşhur “yengələrini” qızın və atasının yanına göndərdi. Bir nəticə vermədi. İş qaldı zora. Bir gün zabit bir nəfər ifritəni qızın yanına göndərib belə bir sifariş elədi: – Ya gərək bu gecə mənimlə bahəm restoranda vaxt keçirəsən, yainki atanın, ananın və adaxlının başından keçəsən. Təklifim qəbul olunmasa, bu gecə onların hamısını qıracağam, gecə saat onda filan yerdə səni gözləyəcəyəm. Qız xəlvətə çəkilib bir qədər ağladı. Başına döydü. Axırda fikir etdi, o mənə nə edə bilər, ata-anamın xatirəsi üçün, gedib onunla şam yeyib qayıdaram evimizə. Qızın ata-anası yatandan sonra xəlvət evdən çıxıb, müəyyən yerə gəlib, orada Nəsir bəyin oğlunu tapıb, onunla bir yerdə getdilər restorana. Nəsir bəyin oğlunun, qızının dalına düşdüyünü və onu istədiyini adaxlısı bilirdi. Ona görə də gecə-gündüz nişanlısının evinin ətrafında dolanıb qarovul çəkirdi. Nişanlısının Nəsir bəyin oğlu ilə faytona mindiyini görüb, özü də bir faytona oturub bunların arxasınca çapdı. Bunları restorana girən görüb, o da daxil oldu. Qulluqçudan bunların tutduğu kabineti bilib, gəlib qapını döydü. Zabit durub qapını açanda, onu itələyib içəri daxil olub, başına İki güllə vurub çıxıb getdi. * * * Sübh Nəsir bəyin oğlunun öldürülmək xəbəri şəhərə yayıldı. Şəhərin cəmi qoçuları bir-birinə dəydilər; hamısı oğlanın qanını almağa “əl-Quran” etdilər. Hər bir qoçu, Nəsir bəyin ondan razı olması üçün heç bir “fədakarlından” çəkinməzdi. Qoçular dəstələrini cəm edib, gedib qatili və qardaşını tutub, yuxarıda göstərdiyimiz meydana gətirdilər. Burada onları əhatə edib ancaq föhş verib, ağızlarına gələn latailatı deyirdilər. Bunlar də ölümlərini gözlərinin qarşısında tutub cavabdan çəkinmirdilər. Axır bir nəfər köhnə qoçu ortalığa atılıb qışqırdı: – Ay camaat, daha söyüş-möyüş kifayət edər. Bu it oğlanlarının dillərini kəsmək lazımdır. Bu halda iki cavan qardaşlar, hər ikisi zabit, ortalığa çıxıb dedilər: – Yoldaşımızın qanını özümüz alacağıq. Bu sözlə tapançalarını çəkib qatilin və qardaşının cansız cəsədlərini meydanın ortasına yıxdılar. Sonra böyük qardaş, şaşqasını sivirib, qatilin başını kəsib Nəsir bəyə ərməğan apardı. * * * Nəsir bəy öz otağında məyus oturmuş idi. Hərdənbir dəsmalını çıxardıb gözlərini silirdi. Ətrafında əyləşən beş-on nəfər xahan ona təsəlli verirdilər. – Biz ölməmişik ki, sənin oğlunun qanı yerdə qalsın. Onu öldürənlərin tamam nəslini yer üzündən götürəcəyik. Bu halda qapı açıldı, cavan zabit daxil olub qatilin başını atdı Nəsir bəyin ayağının altına və çəkilib kənarda durdu. Nəsir bəy başını qaldırıb məyus bir tərzdə dedi: – Çox sağ ol, oğlum, səndən çox razı oldum. Cəm olanlar hamısı ona afərin dedilər. Zabit qəhrəmananə bir vəziyyətlə Nəsir bəyin evindən çıxdı. Nəsir bəyin hüsn-rəğbətini qazanmaq böyük səadətdi! Küçə qapısında cibindən bir gümüş papiros götürüb yandırdı. Sonra bir fayton çağırıb, əyləşib buyurdu: – Kazinoya sür! Söyüş İstəyənlər, dostlar * * * Pristav və oğru (Mükalimə) P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. O ğ r u – Bəy, and olsun o görükən İmamzadəyə, mənim xəbərim yoxdur. P r i s t a v – A məlun, utanmırsan, yalandan and içirsən? Doğrusunu de görüm, sənmi aparıbsan? O ğ r u – Bəy, and olsun səni və məni yaradana, and olsun Qurana, xəbərim yoxdur. P r i s t a v – Doğrusunu de, yoxsa səni yıxdırıb, o qədər döydürərəm ki, bir ay yorğan-döşəkdə qalarsan. O ğ r u – İxtiyarın var, ay bəy. Amma and olsun on iki imama, peyğəmbərə, xəbərim yoxdur. P r i s t a v – Bəs belə (yasavullara). Ay uşaqlar, vurun məlun oğlu məlunu. Yasavullar oğrunu yıxıb çox döyürlər. O ğ r u – Ay ağa, qoyma, məni öldürdülər, doğrusunu deyim. P r i s t a v – Uşaqlar, əldən qoyun. (Oğruya) Dur ayağa. O ğ r u (ayağa qalxıb) – Ay ağa, öldürmə məni. And olsun atam getdiyi Kərbəlaya, xəbərim yoxdur. P r i s t a v (yasavullara) – Basın yerə! Gərək ağlın başına gəlincə səni döydürüm. Vurun! Yasavullar yenə yıxıb döyürlər. O ğ r u – Bəy, məni balalarının başına çevir. Ay! Ay! Vay öldüm! Vay çatladım! Atam sənə qurban, ay bəy, öldürmə məni! P r i s t a v – Doğrusunu deyərsənmi? Heyvan oğlu heyvan. O ğ r u – Deyərəm, qurbanın olum. Hamısını deyərəm. P r i s t a v – Durğuzun bu kafir oğlunu. (Yasavullar durğuzurlar). De, söylə görüm. O ğ r u – Ay bəy, Həzrət Abbas mənim iki qolumu qələm eləsin, əgər o öküzdən mənim xəbərim varsa. P r i s t a v (yasavullara) – Siz çölə çıxın. (Oğruya) A gədə, yavuğa gəl! (Oğru qorxaraq yavuğa gəlir.) Lotu, mən ölüm doğrusunu de, öküzü sənmi aparıbsan? O ğ r u – Ağa, qurbanın olum, “mən ölüm” niyə deyirsən. Yüz elə öküz qurban olsun sənin bir tükünə, mən aparmışam. Axşam satılan oğurluq maldan pristavın payı qumar oynadığı vaxt gətirilib özünə verildi. Bu axırıncı cümlə latın əlifbası ilə yazılaraq, hekayənin axırına əlavə olunmuşdur. * * * İanə Kömürçü Muradın şəhərin kənar küçələrindən birində bir balaca daxması var idi. Cəmi mayəhtacı bir palaza, üç-dörd mis qaba və üç dəst rəxti-xaba münhəsir idi. Murad öləndən sonra haman daxmada qalan arvadı Fatmanisə və iki oğlu idi. Böyük oğlu Teymurun on yaşı tamam olmamışdı, kiçik oğlu Əmirin iki yaşı var idi. Fatmanisə qonşular üçün işləməklə balalarını dolandırırdı. Bir gün böyük oğlu Teymur bərk xəstələndi, belə ki, dirilməsindən həkim mirzə Səttar da naümid idi. Fatmanisə istəkli oğlunu belə görüb, gecələr sübhədək yatmayıb ağlayırdı. Axırda nəzir etdi ki, oğlu sağalsa, var-yox palazını satıb, bir qurban alıb kəssin. İttifaqən Mirzə Səttarın dərmanları səbəb düşüb Teymur sağaldı. Neçə gündən sonra Fatmanisə palazı qonşusu dəllal qozbel Pirquluya satıb, bir qoyun alıb qurban kəsdi. Naxoşluqdan təzə durmuş Teymur qurbanın kababından çox yediyindən, heyzə olub, vəfat elədi. Teymurdan sonra Fatmanisə cəmi məhəbbətini balaca Əmirə saldı. Bir gün uşağı durduğu yerdə uçunma tutdu. Fatmanisə çox qorxdu. Nəhayət, uçunma tez dəf oldu. Bir neçə gündən sonra uçunma uşağın üstünə dübarə gəldi. Fatmanisə qonşusu Hüri qarını çağırıb məsləhət elədi. Hüri qarı dedi ki, uşağın üstündən “şeşə quşu” addanıb, ona dua yazdırmaq lazımdır. Apararsan Molla Əlyarın yanına, dua yazar, uşağın sağalar. Haman günü axşam Fatmanisə Molla Əlyarın evində oturub yalvarırdı. – Molla Əlyar, atam-anam sənə qurban, qələminə mənim canım qurban olsun, əl mənim, ətək sənin. Ya ətəyini kəs, ya mənim əlimi. Xülasə, mənim balamın dərdinə əlac elə. Molla Əlyar bir kitab açıb qoydu qabağına. Kitabın içində bir dairə çəkilmişdi. Dairənin ortası və kənarları yazı və şəkillərdən ibarətdi. Molla cibindən bir girdə mıncıq çıxardıb, dua oxuyub atdı dairənin üstünə. Mıncıq düşən yerə baxandan sonra başqa bir kitab açıb, oxuyub dedi: – Uşağa gərək dua yazılsın, özü də bu saat və duanın qiyməti də bir manatdır. Bir manat sözünü eşidəndə Fatmanisənin boğazı qurudu, başladı yalvarmağa: – Molla Əlyar, oxuduğuna qurban olum, bu saat cibimdə bircə abbası pulum var, manata gücüm çatmır. Molla cavabında dedi ki, bir manatdan bir qəpik əskik olmaz. Gedə bilərsən. Arvad yenə yalvardı: – Ay molla, ayağının altında ölüm, bu bir abbasını al, qalan pulunu da sabah evdən bir şey satıb gətirərəm. Molla sözünün üstündə möhkəm durdu. – Bir manatdan əskik olmaz. Baş ağrısı vermə, dur get! Fatmanisa mollanın evindən çıxıb, ağlaya-ağlaya yolla gedirdi. Müamiləçi Zeynal evin qabağındakı iskəmyənin üstündə əyləşib, çırt çubuğu çəkməyə məşğul idi. Fatmanisəni ağlar gördükdə xəbər aldı: – Bacı, nə olubdur sənə, niyə ağlayırsan? – Necə ağlamayım, ay qardaş, uşağın üstündən “şeşə quşu” addayıbdır. Aparmışam Molla Əlyarın yanına, o da məndən bir manat dua pulu istəyir. Mənim də bircə abbasım var. – Ağlama, bacı, mən sənə bir manat verərəm, apar dua yazdır. – Ömrün uzun olsun, cibin bərəkətli olsun. Bu canım sənə qurban! Zeynal Fatmanisəyə bir üçlük verib dedi: – Al bu üçlüyü apar, bir manatını mollaya ver, iki manatını qaytar gətir buraya. Mən burada əyləşib səni gözləyəcəyəm. Fatmanisə üçlüyü alıb, dua-səna edərək mollanın evinə tərəf qayıtdı. Bir az vaxt sonra qayıdıb Zeynala İki manat verib, çoxlu dua elədi. Zeynal xəbər aldı: – Bacı, məndən razı oldunmu? – Necə razı olmayım, mən ölmüşdüm, məni diriltdin. – Molla da ki, razı oldu? – Necə razı olmadı? Pulu cibinə qoyub, neçə dəfə “Allah bərəkət versin” dedi. – Mən də çox razı oldum, çünki üçlük qəlp idi. Gərək insan elə iş tutsun ki, hamının razılığı əmələ gəlsin. * * * Yeni təbabət Həmədan sərdarı Qarınqulu xan yeyicilikdə böyük şöhrət qazanmışdı. Nökərləri söylərdilər ki, xan bir toğlunu içalatı ilə, quyruğu ilə doğradıb, qovurtdurub tək yeyir və üstündən də bir güvəc turş qatıq içib yıxılıb xorhaxor yatır. Hətta belə nağıl edirdilər: ətraf xanlardan onun kimi çox yeməkdə məşhur olanlar Həmədana gəlib xan ilə yeyişmə müsabiqəsi (mərci) qurardılar və xan hamısını məğlub edib yola salardı. Bir dəfə Ətəbatialiyədən Həmədana təzə bir axund təşrif gətirmişdi. Söz yox ki, axund sərdara salam verməyi vacibatdan bilib, xanın qulluğuna müşərrəf oldu. Xan axunda lazimeyi-nəvaziş və ehtiram göstərdikdən sonra, sabahı gün axundu nahara təklif etdi. Axund kəmali-məmnuniyyətlə sərdarın təklifini qəbul edib getdi. Sabahı günü xanın evində ziyafət üçün böyük hazırlıqlar görülməkdə idi. Bir yanda qoyun kəsilirdi, bir yanda toyuqlar kəsilirdi, göyərti təmizləyən kim, badımcan təmizləyən kim, badam qabığı arıdanlar, qoz ləpəsi təmizləyənlər, soğan soyanlar... xülasə, sərdarın aşpazxanası bir-birinə dəymişdi. Xan da əziz qonaqlarına müntəzir idi. Şəhərin üləması cəmiyyən dəvət olunmuşdular. Əlavə şəhərin əyanından, Zindığıddövlə, Sərsamilməmalik, Dumbulussəltənə, tacirbaşı Hacı Zeynəlfasiqin həmçinin sərdarın ziyafətinə çağırılmışdılar. Günorta namazından sonra qonaqlar bir-bir gəlməyə başladılar: hamıdan sonra axund cənabları məiyyətində iki nəfər molla təşrif gətirdilər. Sərdar istiqbala çıxıb kəmali-ehtiramla axundun qolundan yapışıb yemək otağına apardı və özü ilə bərabər əyləşdirdi. Həzərat hamısı ayağa qalxıb axunda təzim etdilər və axund əyləşdikdən sonra hər kəs öz yerində əyləşdi. Süfrə salındı, neçə növ şərbət süfrəyə düzüldü. Dalınca xuruşlar bir-bir gətirilib qoyuldu; şahbalıt müsəmması, badımcan müsəmması, fisincan, çığırtma, axta xuruş, badamlı mütəncəm, səbziqovurma... – xülasə, xuruşları saymaq ilə qurtarmaz. Əl suyu verildikdən sonra otaq plov ətri ilə doldu. Dalınca müəttər zəfəranplov məcməyidə gətirildi və bir plov dağı sərdar ilə axundun qabağına qoyuldu. Axund əli ilə plova işarə edib dedi: – Sərdar, bismillah. – Buyuracaqsınız, axund. – Xeyr, yol sizİndir. – Bu şəhərdə ən möhtərəm şəxs bu halda sizsiniz, buyuracaqsınız. – Ərz edirəm ki, yol sizİndir. – Gəldiyiniz Kərbəlaya and olsun ki, sizdən qabaq plova əlimi də uzatmaram. Bu söz axundu tutdu. Qollarını çırmayıb plova hücumavər oldu. Hər bir şilləsində plovun bir yanı açılırdı. Xan iki dəfə əlini uzadınca axund beş loğma götürüb balaxəndəyə ötürürdü. Gah o xuruşdan, gah bu xuruşdan qarmalayıb plova qarışdırıb udurdu içəri. Gah şərbəti kasası ilə başına çəkirdi. Xan baxdı gördü ki, hərif əlinə keçibdir. Öz-özünə dedi: “Belə həriflərdən neçəsini yola vermişəm. İndi isə bununla mübarizə edəcəyəm”. Vurhavuru saldılar. Plov və xuruş bir yandan gəlib sərdar ilə axundun qabağına qoyulurdu və fövrən də nəcib mədələrə keçib orada qərar tuturdu. Bir qədər belə keçdikdən sonra xan əlini çəkib özünü məğlub elan etdi. Axund isə bundan sonra beş adamın xörəyini yeyib dayandı. Qəhvə və qəlyandan sonra qonaqlar durub dağıldılar. Axund haman gecə Allahın rəhmətinə vasil oldu. Xan isə bərk xəstələnib yorğan-döşəyə yıxıldı. Xanın arvadları, əqrəbası onun halətini ölümcül görüb həkim üçün adam göndərdilər. Həkim baxıb dedi ki, sərdar cənablarının xörəklərinin bir qədər artıq düşməsindən, onda qəbuzət vaqe olub, imalə edilsə rəf olub gedər. Sərdar gözlərini açıb həzin səslə xəbər aldı: – Həkim nə buyurur? – Deyir gərək imalə olunsun. Bu sözdən sərdar qeyzə gəlib qışqırdı: – Pədərsüxtə, kimə imalə olunsun? Yoxsa istəyirsən bu saat atanı yandırım? Həkimin bədəninə titrətmə düşdü. – Söylə, pədərsüxtə, görüm, kimə imalə? Həkim titrək səslə dedi: – Mənə imalə, cənab sərdar! – Bu başqa danışıq oldu, aparın həkimi, ona imalə edin. Nökərlər həkimi aparıb yıxıb imalə elədilər. Təsadüfən sərdar mərəzdən ayıldı və o saat fərraşbaşını çağırıb əmr etdi: – Həkimi buradan bir yana buraxmayın, lazım olacaq. Belə də elədilər. Bir neçə gün keçdi. Bir sübh sərdarın hərəmxanasının xacəbaşısı gəlib baş əyib məyus dayandı. – Xacəbaşı, nə vaqe olub? – Sərdar sağ olsun, Firuzə xanımı axşamdan bir başağrısı tutub, səhərədək yata bilməyib. – Firuzə xanımın başı ağrıyır, gedin həkimə imalə edin, sağalsın. Həkimə imalə sərdarın sarayında böyük bir müalicə oldu. Hər kəs naxoşladısa, həkimə imalə etdilər. Belə ki, axırda yazıq həkim arıqlayıb çöpə döndü. Bir gün də miraxur gəlib xəbər verdi ki, xanın çox istədiyi kürən atı bir sancı tutub, hər nə edirlərsə kargir olmur. Xan hirslənib dedi: – Məlun uşağı, korsunuz? Həkimi gözünüz görmürmü? Bəs o pədərsüxtə burada müftə çörək yeyəcək? Gedin bu saat həkimə imalə edin, yoxsa at ölsə, hamınızı qıraram. Miraxur baş əyib ərz etdi: – Sərdar sağ olsun, həkimə axşamdan İndiyədək səkkiz imalə etmişik, atın sancısına bilmərrə təfavüt eləmir. Doqquzuncu imalədə həkim öldü. İndi qalmışıq məəttəl. – Niyə məəttəl qalırsınız? Şəhərin həkimi qurtarıb? Gedin bu saat axtarın bir nəfər kök, davamlı həkim tapın gətirin. Bu ölən axmaq oğlunda can nə gəzirdi, doqquz imaləyə davam gətirə idi. Di dayanmayın pədərsüxtələr, gedin! Fərraşlar həkim dalınca şəhərə dağıldılar; xan miraxur ilə bir yerdə tövləyə, atın yanına getdi. * * * Sarı toyuq Cavan Əhməd on sənə idi ki, öz arvadı Güləndamla yaşayırdı. Güləndam Əhmədin həm arvadı, həm əmisi qızı idi. Bunları beşikdə ikən bir-birinə nişanlamışdılar. Əmi qızı və əmi oğlu xeyli mehriban dolanmaqda idilər. Bu on sənənin müddətində bircə dəfə də olsun aralarında nə inciklik, nə də bir dürüst danışıq olmamışdır. Bunların bircə qəmləri var idi: övladları olmurdu. Bu övladsızlıqları hamıdan artıq onların ata-analarına təsir edirdi. Anası qızını neçə pirə və ocağa aparmışdı. “Altıbarmaq” seyidə əlli manat verib dua yazdırmışdı. Amma bunların heç birisi bir nəticə bağışlamamışdı. Axırda oğlanın anası dedi: – Mən oğlumu sonsuz qoya bilmərəm; gedib ona döşü südlü arvad alacağam. Bəlkə oğlumun övladı ola. Qızın anası da pirdən, ocaqlardan əl üzdükdən sonra, bu əmrə razı olub dedi: – Yaxşısı budur ki, Güləndam özü Əhmədi evlənməyə məcbur edə; mən onunla danışaram və onu razı elərəm. Güləndam ərini özü evləndirdikdən sonra danışmağa haqqı olmayıb dinc və dinməz oturar və əri ilə də aralarında heç bir göftigu olmaz. Qızın anası necə ki, demişdi, elə də etdi. Axşam vaxtı Əhməd qulluqdan evə qayıdanda əmisi qızında başqa halət gördü; gözləri zöhrə ulduzu tək parıldayırdı. Əmisi oğlu qapıdan daxil olan tək yüyürüb, boynunu qucaqlayıb “marçhamarç” üzündən öpdü. Sonra başladı oynayaraq və gülərək masanın üstünə qab-qacaq düzməyə. Yemək vaxtı tez-tez ərinin üzünə baxıb, gülüb başını aşağı salırdı. Əhməd İndiyədək arvadında bu haləti görmədiyindən, təəccüb edib mənasını anlamırdı. Əhməd nahar yeyib yatmaq otağına getdi, amma hərçi çalışdısa da gözünə yuxu getmədi. Əmisi qızında gördüyü halət bir an onun gözü önündən getmirdi. Axşam çayında Güləndam Əhmədə dedi: – Əhməd, sənə bir söz deyəcəyəm, əgər məni sevirsənsə, gərək “yox” deməyəsən. Əhməd cavabında: – Sənin bugünkü halətindən ürəyində bir söz olduğu aşkar görünürdü. Söylə görüm. – Əmi oğlu, bizim övladımız yoxdur və mən də açıq görürəm ki, bu halət sənə təsir edir; pəncərənin qabağında oturub küçə ilə məktəbə gedən uşaqları görəndə, ah çəkirsən... Əhməd onun sözünü kəsdi. – Sözün nədir, açıq söylə. Yəni bunu demək istəyirsən ki, mən gedim sənin üstünə evlənim? – Ay əmi oğlu, evlənəndə nə olar? Bir yaxşı balan olar, axşamadək oynadaram. Sən mənim canım, izin ver gedim sənə bir yaxşı, məndən də gözəl bir gəlin gətirim. – Əmi qızı, məgər danışmağa başına söhbət qəhətdir? Əvvəla, yüz oğulqız qurban olsun sənin bir tükünə. İkincisi, mən ömrüm olanı sən ən sivay bir qadına gözümün qulağı ilə də baxmayacağam, bu barədə sən xatircəm ol. Üçüncüsü, bizim qanunumuz Şura qanunudur; bir kişi iki arvad ala bilməz. Başqa arvad almaq üçün gərək səni boşayam, bunu da ki, yerlə göy bir-birinə qovuşsa eləmərəm. – Mən elə iş görərəm ki, şura hökumətinin xəbərdarlığı olmaz. Qulluqçu adı ilə gətirərsən evə, sonra da molla çağırarsan, gələr evdə xəlvətcə kəbinini kəsər, heç kəsin də xəbəri olmaz. – Bu sözü danışdın, elə qoy burada qalsın. – Sən özün deyirsən ki, məni canından artıq istəyirsən, amma mən sənə “sən mənim canım” deyirəm, mənim sözümü yerə salırsan. – Belə olan surətdə gəl əyri oturaq, düz danışaq. Tutalım ki, mən sənin sözünə baxıb evləndim, molla da xəlvət gəlib kəbin kəsdi, aya, ondan sonra sən davam gətirə bilərsənmi? – Niyə davam gətirmərəm? Çox göyçək davam gətirərəm. Aldığın arvadı ana-bacı kimi istərəm, ondan olan uşaqları öz balalarım kimi atıb-tutaram. – Əmi qızı, davam gətirə bilməzsən. – Onda görünür ki, sən mənə hələ dürüst bələd olmayıbsan. – Bələd olmağa ehtiyac yoxdur; qadınların hamısı bir təbiətdə olarlar. – Mən sən dediklərindən deyiləm. – İndi, deyirsən davam gətirərəm? – Bəli, deyirəm. – Xub, mən səni imtahan edərəm, görüm necə davam gətirəcəksən. Güləndamın dili danışırdısa da ürəyi nanə yarpağı kimi əsirdi. O, fikir edirdi: “Tutaq əmi oğlum evləndi. Bəlkə təzə gətirdiyi arvadı məndən çox istədi? Onda mən başımı haraya qoyaram? Çıxıb atam evinə gedərəmsə, hamı mənə tənə edər”. Deyərlər: “On ilin arvadına nə oldu ki, birdən evini-eşiyini buraxıb atası evinə getdi?” Zəhər yeyib özümü öldürsəm, daha bədtər. Yenə deyəcəklər: “Görəsən nə əməli var idi ki, xalqın üzünə baxmaqdan xəcalət çəkib özünü öldürdü”. O biri gün səhər Əhməd durub evdən çıxanda Güləndam dedi: – Əmi oğlu, sözüm sözdür, söz veribsən, möhkəm dur. – Baş üstə. Əhməd gedəndən sonra Güləndamın anası gəlib qızından xəbər aldı: – A bala, ərinlə danışdınmı? Nə dedi? – Çox danışıqdan sonra razı elədim. – Çox gözəl. Ancaq, bala davamın olsun. Bircə il davam gətirsən, adət eləyəcəksən. – Ana can, niyə davam gətirmirəm; təki onun övladı olsun. Övladsızlıq ona çox əsər edir. Mənim də ona baxanda ürəyim yanır. * * * Axşam Əhməd evə qayıtdıqda gördü bir kişi əlində neçə toyuq tutub satır. Bunların içindən bir kök sarı toyuq seçib, alıb evə gətirdi. Güləndam toyuğu görəndə xəbər aldı: – Ay əmi oğlu, bu toyuğu haradan aldın, bu nə yaxşı kök toyuqdur? Əhməd cavabında: – Bu toyuq mənim təzə arvadımdır. Kəbinini də kəsdirmişəm. Bu saat mollanın evindən gəlirəm. Güləndamın rəngi qaçdı. Əhmədin üzünə kədərli baxıb dedi: – Mən sənə söz dedim, sən də mənim sözümü lağa qoyursan? Mən səninlə zarafat etmirdim, ürək sözümü deyirdim. – Heç mən də zarafat eləmirəm. Doğru söz deyirəm. Bu toyuğu apar, balaca otaqda bağla, altına da bir həsir sal. Güləndam üzünü kənara tutaraq: – Nə borcumdur, gətiribsən, apar, özün necə bilirsən rahat elə. Əhməd ürəyində gülərək, sarı toyuğu aparıb balaca otaqda altına bir parça həsir salıb bağladı. Sonra arvadının yanına gəlib xəbər aldı: – Əmi qızı, düyü torbası haradadır? Yerini de, bir az düyü çıxardıb aparım verim toyuq yesin. Yazıq acdır. – Mən nə bilim düyü torbası hansı cəhənnəmdədir. Get dilabı axtar. Əhməd gülərək dilabdan bir ovuc düyü götürüb, aparıb toyuğun qabağına atdı. Gecə yatmaq zamanı gələndə, Güləndam Əhməddən xəbər aldı: – Bu evdə yatacaqsan, yoxsa balaca otaqda? – Balaca otaqda. Güləndam rəxti-xab götürüb getdi balaca otağa. Toyuğun yanından ötəndə ona bir təpik vurdu. Əhməd toyuğun civiltisini eşidib səsləndi: – O toyuq niyə çığıldadı? Ona nə elədin? Güləndam cavabında: – Mən nə bilim niyə çığıldadı. Gəl özün xəbər al. Mən ki, toyuq dili bilmirəm. – Ona güldən ağır söz deyərsən, ya bir əziyyət edərsən, aramızda inciklik olar. Güləndam otağa qayıdarkən gözünün yaşını sildiyini Əhməd görüb bir söz demədi. On sənənin müddətində onların aralarında belə danışıq olmamışdı. Əhməd gecə balaca otaqda yatdı. Güləndam isə gecəni sübhədək ağlayaraq keçirdi. Gecə tez-tez durub, balaca otağın qapısından qulaq verib, Əhmədin bərk yatdığını yəqin edib yenə yerinə qayıtdı. Əhməd sübh tezdən gördü Güləndam yoxdur. Ora-buranı arayıb, çıxıb getdiyini bildi. Özü üçün çay tədarük edib içib getdi qulluğuna. (Əhməd kooperativ dükanında pirkeşik idi). * * * Güləndamın anası öz evində oturub çay içirdi. Birdən qapı açıldı. Güləndam hirsli-hirsli daxil olub bir söz deməyərək əyləşdi. Anası xəbər aldı: – Ay qız, bu tezliklə xeyirdirmi? Gözlərin niyə belə qızarıbdır? Yoxsa Əhmədlə dalaşıbsan? – Nə işim var dalaşam? Əhməd özlüyündə, mən də özlüyümdə. – Axır yenə bir dürüst danış görüm, nə var? Sən sözsüz deyilsən. – Nə olacaq? Gecə-gündüz məni dəng eləyib, “ərini evləndir, ərini evləndir” deyirdin. İndi odur, itin birini gətirib mənim başıma mindiribdir. Mənə də deyir: “Onun yanından ötərsən, vay sənin halına”, on illik yoldaşını bir sarı itə dəyişibdir. Buna dözmək olar? – Ay qız, sarı it nədir? Yoxsa sarı saçlı qız alıbdır? Bu əyyamın cavanlarında din yox, məzhəb yox, onlardan hər nə bədəməl desən baş verər. Vay mənim başıma daş düşsün! Mən məgər belə demişdim? Qızcığazımın günü qara olacaq! Qız dedi: – Hamısını sən elədin. Dinc-dinməz evimizin içində oturub dolanırdıq. İndi mən gəlmişəm, daha o evə qayıtmayacağam. Qoy sarı donuzun günü xoş keçsin. Anası dedi: – Qızım, yerindən oynama, bir neçə gün səbr elə görək nə olur? Dur, get evinə, ərinə nahar hazırla. Təzə gəlin sənin qab-qazanının yerini bilmir. Axşam mən də gələrəm görüm o kimin qızıdır? Nəçidir? Ondan sonra nə lazımdır, elə edərik. Əgər ərin evində oturmaq sənə mümkün olmasa, nə etməli, gəlib ananın evində oturarsan. Hələlik, yaxşı, bala, dur get evinə. – Mən o evə qayıtmayacağam. Bu saat buradan durub birbaş gedəcəyəm “zaqsa”, ərizə verib boşanacağam. – Mənim sözümə bax, yaxşı qızım, “zaqs” durur, sən durursan. Lazım olsa mən də səninlə bir yerdə “zaqsa” gedərəm. Dur get, bu günlük birtəhər davam elə. Sabah hər iş düzələr. Güləndam anasının çox təkidindən sonra durub evinə getdi. Əhməd evə qayıdıb, Güləndamı ağlayan görüb dedi: – Əmi qızı, nə üçün ağlayırsan? Sən dedin evlən, mən də sənin sözünə baxdım. İndi bu ağlamağın mənası nədir? – Heç ağlayıb eləmirəm. Gəl otur naharını elə. – Nahardan qabaq qoy bir sarı toyuğun qarnını doyurum. Mən bilirəm sən ona bircə dənə düyü də verməyibsən. Əhməd dilabdan yenə dən götürüb, aparıb toyuğa verdi. Sonra toyuğun altındakı həsiri çıxarıb çöldə təmizləyib, gətirib altına saldı. Ondan sonra əlini yuyub, gəlib nahara əyləşdi, arvadının səhər onu çaysız qoyub getdiyi haqqında bir söz demədi. Nahar təzəcə qurtarmışdı. Güləndamın anası daxil oldu. Əhməd həmişəki kimi cəld qalxıb: “Ana, buyur, buyur” deyərək qayınanasına yer göstərdi. Güləndamın anası: – Ananın evi yıxılsın, – dedi. – Mən dedim özüm gəlim sənə bir halal süd əmmişin birini gətirim, demədim get o küçədə gəzən sarısaçların birini gətir, mənim qızımın başına çıxart. – Ana can, sarısaç nədir? Necə sarısaç, hardadır sarısaç? – Sən bilərsən haradadır, mən nə bilim. – Di gəl o sarısaçı sənə göstərim, gör nə gözəldir. Səni inandırıram ki, sənin ürəyincə olacaq, onu gördükdən sonra məni məzəmmət etməyəcəksən... Bircə bu balaca otağa gəl. Bu sözlə qayınanasının qolundan tutub balaca otağa çəkib, küncdə bağlanmış sarı toyuğu göstərib dedi: – Aldığım, bax, ana can, budur! Güləndamın anası toyuğu görüb acıqla giyəvinə: – Məni ağbirçək vaxtımda ələ salıb oynadırsan? Mənim qızım bu toyuğun üstündə səninlə dava çəkir? Məgər mənim qızım dəli-divanədir? – Ana can, özüm ölüm ki, alıb gətirdiyim budur. Çağır qızın özündən xəbər al. – Bunu deyib Güləndamı səslədi. Güləndam içəri daxil olduqda, anası xəbər aldı: – Ay qız, dediyin sarısaç haradadır? – Sarısaç yoxdur, elə bu sarı toyuğu deyirəm. Doğrusu, ana can, bu evdə ya mən oturacağam, ya sarı toyuq! Əhməd üzünü arvadına tutaraq dedi: – Əmi qızı, mən sənə deyəndə ki, evlənib başqa bir arvad gətirsəm, davam eləməyəcəksən, deyirdin “çox gözəl davam edərəm”. Mən də sənə sübut etmək üçün bu toyuğu gətirdim. İndi bil ki, sarı toyuğa davam gətirə bilməyən, həqiqi arvada heç davam gətirə bilməz. Dur, bir az düyü yu, axşama plov bişir. Bu sarı toyuğu da onun başına qoyub ləzzətlə yeyək. Anan da bizdə qonaq qalsın. Əhməd bunu deyib, sarı toyuğu mətbəxə aparıb başını kəsdi. Axşam ər, arvad, qayınana şirin söhbət edərək toyuqplovu ləzzətlə yedilər. O gündən evlənmək məsələsi həmişəlik aradan qaldırıldı. * * * Koroğlu Dumanlı kəndi böyük bir dairənin mərkəzi olaraq iki yüz iyirmi beş “tüstüdən” ibarət bir kənddi. Bu kəndin mindən artıq əhalisinin əksəri bağdarlıqla dolanırdı. Dumanlı üzümü, Dumanlı şaftalısı hər yerdə ad qazanmışdı. Hər “tüstünün” özünə məxsus bir desyatin, ya bir desyatin yarım bağı var idi. Kəndin ortasından axan qədim, böyük bir arxın suyu ilə camaat bağlarını sirab edirdi. Camaatın cüzi hissəsi əkinçiliklə məşğul idi. Bunlar, kəndə məxsus əkin yeri olmadığından, gedib kəndin yavuqluğundakı min desyatindən ibarət “ağalıq” yerdən lazım qədər, dörddən bir mədaxilinə ağadan icarəyə götürüb, taxıl ya pambıq əkərdilər. Hamıdan çox ağalıq yerində ziraət edən kəndin zəngin qolçomağı Hacı Bayram idi. Bu adam götürdüyü yerdə özü işləməyib camaatın füqərasından, ya “həmişərilərdən” muzdur tutub işlədirdi. Hacı Bayramın qoyununun, atının, qaramalının hesabını bilən yox idi. Onun qoyunlarını beş çoban çətinliklə idarə edirdi. Hacı Bayramın nəinki dairə, tamam qəza tanıyırdı. Qəzanın hər bir yerindən pula ehtiyacı olan atını minib Hacı Bayramın ydanına gələrdi. Hacı verdiyi pullara faiz almazdı, deyərdi: “Şəriətdə faiz almaq haramdır”. O, pulu verib əvəzinə nuyanda müəyyən qiymətə məhsuldan verilməsini şərt edirdi. Söz yox ki, qərəzdarın bir əli ilə boğazından yapışıb, o biri əli ilə onun nuyanda hasil etdiyi məhsula İndidən qiymət təyin edən Hacı Bayram birə-iki puluna faiz qazanırdı. Dumanlı kəndində bir nəfərin nə bağı var idi, nə əkin yeri – bu adam İsrafil Vəlioğlu idi. İsrafil on İki yaşında ikən çiçək xəstəliyindən iki gözü də kor olmuşdu. Kor İsrafil i tamam dairə tanıyırdı. Çünki onun peşəsi oğlunun əlindən tutub, kəndbəkənd gəzib saillik etmək idi. İsrafilin İki oğlu var idi: böyüyü – Nəriman, kiçiyi – Qəhrəman. Nə qədər ki Qəhrəman kiçik idi, Nəriman atasının əlindən tutub dilənməyə aparırdı. Nəriman on altı yaşı addadıqdan sonra Qəhrəmana dedi: – Qardaş, mənim üçün belə sərgərdan dolanmaq ayıbdır. Mənim İndi iş görən vaxtımdır, bir-İki il atamızı sən gəzdir. Mən də gedib bir adama muzdur durub işləyim. Elə ki sən də böyüdün, ikimiz də işləyib atamızı dolandıraraq. Daha saillikdən əl çəkərik. Qəhrəman qardaşının sözünü qəbul etdi. Nəriman isə gedib qonşu kənddə bir bəyə otuz manat pulla, yediyi çörəyə, bir dəst paltara və bir cüt çarığa nökər durdu. Nəriman nökər duran gündən ağası onun adını “Koroğlu” qoydu. O zamandan bu ad onun üstündə qaldı. Çox yerdə onun əsl adını bilməyib, “Koroğlu” deyə çağırırdılar. Nərimanın qoçaqlığı, karigənliyi, çapıqlığı, müdrikliyi tamam dairənin qolçomaqlarının diqqətini cəlb etmişdi. Hamı deyirdi: “Koroğlu” nökər deyil, xəzinədir, elə bir fəhlə saxlayanın dünyada dərdi olmaz. Beş adamın işini bir tək özü görür”. Hacı Bayram Nərimanın qoçaqlığını, sədaqətlə iş görməsini eşidib, onu öz yanına gətirməyi qət elədi. Bir gün həftəbazarında onu ağası üçün mal aldığı yerdə görüb dedi: – Ay oğul, nə olubdur sənə kəndindən didərgin düşüb, ora-bura qulluq eləyirsən, gəl öz kəndinə, mənim işlərimə bax, atanın-qardaşının üstlərində gözün olsun. Mən də sənə İkiqat məvacib verim. Nəriman cavabında: – Hacı əmi, mən bəylə kağız bağlamışam, ilim tamam olmayınca heç yana gedə bilmərəm. – Mən sənin ağandan iznini alaram. – Ağam izni verəndən sonra mənim sözüm yoxdur. Nərimanın ağası Rəhim bəy Hacı Bayramın borclularından idi. O səbəbdən onun təklifini rədd edə bilməzdi. Hacı Bayrama Nəriman kimi qoçaq bir işçi lazım idi. Hacı Nərimanın cəm işlərinin üstündə gözətçi qoya bilərdi. Yəqin də etmişdi ki, bu surətdə onun işləri qüsursuz gedəcəkdir. Nərimana ayda yüz manat da versə, yenə qazanacaqdır. Hacı öz işlərinin xeyir-şərini gözəlcəsinə düşünürdü. Söz yox ki, Rəhim bəy Hacı Bayramın xahişini rədd eləməyib Nərimanın haqq hesabını çəkdi. Hacı, Nərimana ildə yüz manat məvacib, bir dəst paltar, iki cüt çarıq və yedikcə çörək təyin edib evinə apardı. Nəriman gələn gündən hacının evinin övzai dəyişdi. Bir az vaxtın zərfində hacının tamam pozğun işləri nizama düşdü. Çobanların vaxtında çörəyi, atların, qaramalın arpası, ələfi öz vaxtında verilməsi, inəklərin, qoyunların südlərinin öz vaxtında toplanıb qatıq çalınması, pendir qayrılması, yağ çalxanıb bazaar getməsi – hamısı Nərimanın əlindən gəlib keçirdi. Əlavə, Hacı Bayramın üç arvadı var idi. Hər arvad üçün xüsusi bir ev tikdirmişdi. Bu üç evin cəmi dolanışına Nəriman baxırdı. Axır belə də olmuşdu ki, Hacı Bayram hər bir yanına ehtiyaca gələni Nərimanın yanına göndərib deyirdi: – Oğul, bu işləri Nəriman bilər, get onunla görüş, nə etməlidir eləsin. Bir gün Hacı Bayrama şəhərdən bir vergi kağızı gəldi. Hacının nə rusca, nə də türkcə (azərbaycanca) savadı yox idi. Nərimanı çağırıb kağızı ona verib dedi: – Ay oğul, bu kağızı apar “uçtel” oxusun, görək nə yazıblar? Kənd müəllimi Mirzə Hüseyn məktəbin balkonunda əyləşib kitab oxuyurdu. Nərimanı görcək başını qaldırıb xəbər aldı: – A Koroğlu, xeyirdirmi, nə istəyirsən? – Mirzə, hacı deyirdi bir bu kağıza baxsın, görsün nə yazıblar. Mirzə Hüseyn kağızın məzmununu dedikdən sonra üzünü tutdu Nərimana: – A Koroğlu, sən bir cavan oğlansan, hər yerdə sənin iş bacarığının söhbətini edirlər. Nə olar bu qoçaqlıqla bir az da oxuyub savadlanasan. Savadın sənə daha da xeyri olar. Birdən görərsən səni suda təyin ediblər, kəndxuda təyin ediblər. Hacı Bayram kimi qan içənə, camaatın dərisini soyana nökərçilik edincə öz işinə qulluq edərsən. Sən elə özündən hesab apar. Hacı Bayram sənə yüz manat ildə məvacib verir. Amma sən ona ayda İki yüz manatdan artıq xeyir verirsən. Sən gendən Hacı Bayramın adını eşidirdin. İndi ona yavuq olandan sonra onun cəm tutduğu əməlləri, qazanc yollarını, qaynağına keçənləri tutub, sıxıb, sularını çıxartmasını öz gözünlə görürsən. Bir azdan sonra Hacı Bayram kimi qolçomaqlar təpələri üstə uçacaqlar. Camaat işləri sənin kimi fağır muzdurların əllərindən keçəcəkdir. Sənin savadın olsa, nə qədər xalqa səndən xeyir dəyər. Mən səninlə çoxdan görüşüb danışmaq istəyirdim. İndi yaxşı oldu, öz ayağınla gəldin. Sən hər gün gəl mənim yanıma, sənə dərs verim, savadlan. Mirzə Hüseyn kommunist firqəsinin kənddə nümayəndəsi olaraq xırdaca bir özək düzəldib xəlvət işləməkdə idi. Nəriman kimi müdrik bir cavanı özünə tərəf cəlb etmək onun gördüyü işlər üçün, apardığı təbliğat üçün lazım idi. Hacı Bayram hər gün axşam gün batan kimi arvadlarının birinin evinə gedib orada qalardı. Doğrudur, keçmişdə neçə dəfə durub ata-mala baş çəkərdi. Hər bir itlər hürüşdükdə qapıya çıxıb səslənərdi. İndi isə Nərimana ümidvar olub xatircəm yatardı. Nəriman Hacı Bayramı arvadının birinin evinə ötürüb, birbaş gedərdi Mirzə Hüseynin yanına. Mirzə Hüseyn ona dərs oxutmaqdan əlavə, sadə sözlərlə onu siyasətə həm bələd edərdi. Məmləkətlərdə olan üsuli-idarənin neçə növ olduqlarını və hər üsuli-idarənin mahiyyətini ona anladıb, şura üsuli-idarəsinin ən yüksək üsuli-idarə olmasını, xalq hakimiyyətini, hacı bayramlarla, minlərlə desyatin yerləri olan və bu yerləri xalqa icarəyə verib, özləri istirahət edən bəylər və xanlarla mübarizə yollarını, mollaların camaatı qoyun sürüsü kimi özlərinə tabe edib yunlarını qırxdıqlarını mükəmməl bir surətdə Nərimana öyrədirdi. Nəriman isə qabil bir şagird olub, az zamanda həm rusca, həm türkcə yazıb-oxumaq öyrəndi və Mirzə Hüseyn onun gələcəkdə fəal bir firqə üzvü olacağına etiqad bağışlamışdı. Bir dəfə Hacı Bayrama şəhərdən bir “povestka” gəldi. Adət üzrə Nərimanı çağırıb kənd “uçitelinin” yanına göndərmək istədi. Nəriman “povestkanı” alıb, baxıb dedi: – Hacı, bu ayın on dördündə sizin Xəlil bəylə olan dörd yüz əlli manatın davasına baxacaqlar. Ona görə sizi suda çağırırlar. Hacı Bayram təəccüblə: – A balam, sən nə bilirsən orada nə yazılıb? Sən ki, bisavadın birisən. – Xeyr, hacı, bir az Mirzə Hüseyndən dərs almışam. İndi belə xırda-para kağızlardan başım çıxır. Hacı Bayram bir yandan nökərinin savad öyrənməsindən məmnun olub, bir yandan şəkkə düşdü və dedi: – Ay oğul, sən də “uçitellə” ehtiyatlı dolan. O sənə bir yandan dərs verib, bir yandan bir para boş danışıqları ilə, padşahımızın üzünə duranların əməllərindən söyləməklə sənin başını doldurub, axırda səni bədbəxt eləyəcək. Dərs oxuyubsan, nə eybi var. Savadın olsa məvacibini də artıraram. Amma olma-olma boş danışıqlara qulaq verəsən. Həm özün badifənaya gedərsən, həm atan yiyəsiz qalar. Yazıq kişi yavaş-yavaş dilənçilikdən əl çəkir. Sən onun əlindən getdikdən sonra kəndbəkənd dolanıb, dilənməyə başlayacaq. Nəriman hacını inandırdı ki, Mirzə Hüseyn ona dərsdən başqa bir şey öyrətmir və onunla heç bir özgə söhbətlər eləmir. – Mirzə Hüseyn mənim tayım-tuşum deyil, o, oxumuş, alim, “uçitel”, mən isə bir yazıq kəndlinin biri. Mənimlə onun nə alıb-verəcəyi. – Elə isə oxu, yaxşı savadlanarsan, mən də sənə artıq məvacib verərəm, mənim dərə-divan işimə də bundan sonra sən gedərsən. Nəriman getdikdən sonra Hacı Bayramı fikir apardı. Öz-özünə deyirdi: – Bu gədə dərs oxuyur, nə eybi var, qoy oxusun. Ancaq Mirzə Hüseyndən onun dərs oxumağı mənim xoşuma gəlmir. Mirzə Hüseynin orada-burada danışıqları mənim xoşuma gəlmir. Qorxuram oğlanın da beynini yesin. Onda Nəriman kimi işlək bir fəhlədən mənim əlim çıxacaq. Axşam yatmağa getməzdən qabaq Nərimana dedi: – Ay oğul, sən niyə gedib bizim molladanca dərs almırsan? Molla sənə gözəlcə müsəlmanca dərs verər, Quran oxumaq öyrədər; cümə axşamları ölənlərinə Quran oxuyarsan. Onların ruhları səndən şad olarlar. Nəriman Hacı Bayramın üzünə baxıb güldü: – Hacı əmi, mənim ölənlərim Qurandan nə fayda aparacaqlar? Bizim ölənlərimiz hamısı dünyada ac dolanıb, axırda da aclarından ölübdürlər. Mənim atamın da ki, yaşayışı sizə məlumdur. İndi də yüz il onların qəbrinin üstündə Quran oxuyam, qarınları doymayacaq. Elə qoy dinməz yatıblar yatsınlar. Onların Quran nələrinə lazımdır. – Oğul, Allaha naxoş gedər. Müsəlmanlıqdan uzaq söz danışma. Ölənlərinə Quran oxuyarsan, Allah günahlarından keçər. Qiyamətdə onlara öz behiştində yer verər. Buradan ac gedərlər, o dünyada behiştin gözəl, dadlı nemətlərindən yeyərlər. Nəriman cavabında: – Qiyamətdəki ləzzətli nemətləri biz, dövlətli kəslərə, bəylərə, xanlara, axundlara vagüzar edirik. Onlar burada yağlı plovlara, ləzzətli xuruşlara, istirahətlə yatıb-durmağa adət ediblər. Bizim ölüb getmişlərimiz quru yerdə də istirahət edə bilərlər. Biz yerdə qalan fəqirfüqəra behiştimizi bu dünyada almağa çalışmalıyıq. Bu yolda ölümədək varıq. Ya arzumuza çatarıq, yainki ata-babalarımız kimi biz di quru yerdə can verərik. Hacı Bayram İndiyədək Nərimanın dilindən belə danışıqlar eşitməmişdi. O, Nərimanla danışanda, Nəriman başını aşağı salıb, ona “bəli”, “xeyr” və “baş üstədən” sivayı bir cavab verməzdi. Nərimanın belə hazırcavablığı Hacı Bayrama əsla xoş gəlmədi. Hacı qaş-qabağını turşudub, bir söz deməyərək, üz qoyub getdi ortancıl arvadın mənzilinə. Nəriman hacını yola salıb, kitab-dəftərlərini götürüb birbaşa getdi Mirzə Hüseynin yanına və habelə keçən söhbəti də müfəssəl ona nağıl elədi. Mirzə Hüseyn gülüb dedi: – Bərəkallah! Bu qarnıyoğunlarla elə bu dillə danışılmalıdır ki, çox qudurmasınlar. Ancaq özünü gözlə. Birdən səni qulluqdan qovar. – Mirzə, mən qulluqdan qovulmaqdan qorxan deyiləm. Bu saat yüz yerdə məni İki qat məvacibə çağıranlar var. İkincisi, “kəsilsin iki əli ki, bir başı saxlaya bilməyə”. Mən bu saat Hacı Bayramın evindən özüm gedərəm. Onun çörəyi zəhrimardır. Ancaq bir şey məni dayandırır. – O nədir? – Vallah, nə deyim. Özünüz bilirsiniz. Dərsimizi oxuyaq. Mirzə Hüseyn gülüb Nərimanın dərsinə məşğul oldu. * * * Nəriman böyüdükcə gözəllənib uca boylu, xoşsima, mövzun qədli bir oğlan olmuşdu. Kəndin qızlarının hamısının gözləri onda idi. Ancaq Nərimana bircə qız xoş gəlirdi: Hacı Bayramın yeganə qızı Güldəstə. Bu qız doğrudan da kənd qızlarının zübdəsi idi. Qız kəndin adətinə görə Nərimandan gizlənməzdi. Amma onunla əyləşib söhbət də etməzdi. Nəriman düşəndə gəlib evdən baltadan, xurcundan, çuvaldan bir şey götürəndə bir gözü ilə Güldəstə baxıb, ah çəkib dinməz gedərdi. Bu vaxtlarda Güldəstənin də sifətində müşahidə olunan təğyir Nərimanın gözündən yayınmayırdı. Güldəstə ilə yeganə görüşü, heç olmasa yarım saat danışmaq üçün Nəriman nə qədər fürsət arayırdısa, mümkün olmayırdı. Hacı Bayram xəbərdar olsaydı, yəqin qızının başını kəsərdi. Hacı Bayramdan qız istəməyə də Nəriman cürət etmirdi; bir muzdura, kor dilənçinin oğluna Hacı Bayram qızmı verərdi? Güldəstə üçün mahalın hər tərəfindən elçilər gəlirdi: dövlətli hacılar, bəylər bir-bir özləri gəlib elçi düşürdülər. Hacı Bayram hamısını rədd edirdi. Hacı Bayram məhkəməyə gedəsi günün axşamı Nərimanı yanına çağırdı: – Oğul, sabah tezdən mən şəhərə getməli oluram. Ola bilər ki, şəhərdə dörd-beş gün qalam. Mənim naxırçılarımın, çobanlarımın, rəncbərlərimin cüvəllaqlıqları sənə məlumdur. Cəmi mal-qoyunu, ev-eşiyi sənə tapşırıb gedirəm. Atların arpa-samanını vaxtında verdirərsən. İki gündən sonra duz günüdür. Qoyunlara duz verilən gün özün sürünün yanına gedib göz yetirərsən. Arvadların evlərinin azuqəsini vaxtında verdirərsən, xülasə, mənim sənə nəsihət eləməyim nahaqdır. Neçə ildir ki, mənə qulluq eləyirsən. Öz işini yaxşı bilirsən. Mən gedirəm yatmağa; sən də get rahat ol. Səhər tezdən dur məni yola sal. Nəriman Hacı Bayramı yola salıb, birbaş getdi Mirzə Hüseyn müəllimin yanına... ...Nəriman türkcə və rusca gözəlcəsinə yazıb-oxumaq bilirdi. Ona görə həmkəndlilərinin günü-gündən ona rəğbətləri artırdı. Hamı onu “Molla Nəriman” deyə çağırırdı. Nəriman kəndin hər işlərinə yarayırdı: kəndə gələn kağızları oxuyurdu, kəndlilərin kağızlarını yazırdı, kəndə gələn rus çinovnikləri ilə gedib, kəndin söhbətini eləyirdi. Kəndlilərin sözlərin onlara tərcümə edirdi. Bu səbəbdən bir gün kənd camaatı yüzbaşı divanxanasına toplaşıb qətnamə qoydular ki, həmin gündən İsrafil kişini daha dilənməyə qoymayıb, onun evinin dolanacağını camaat versin. Kor İsrafil ə qətnaməni xəbər verdilər. Çox şad olub dedi: – Allah sizdən razı olsun, ay camaat. Mən də qocalmışam. Yolları düz gedə bilmirəm. Bundan sonra oturaram evdə, siz də mənim iki oğlum məni ölənədək dolandırarsınız. Sizə artıq əziyyətim dəyməz. Çünki ölməyimə az qalıb. Daha heydən düşmüşəm. İsrafil kişinin məişəti təmin olunduqdan sonra kiçik oğlu Qəhrəman da bir peşə dalısına düşməyə məcbur oldu. Istədi rəncbərliyə getsin. Nəriman razı olmadı. Onu aparıb kəndin yuxarı başında işləyən dərzi Məmmədəliyə şagird verdi. Qəhrəman gündüzlər dərzinin dükanında işləyib, axşamlar qardaşı ilə bahəm gedib Mirzə Hüseyndən dərs oxuyurdu... Nəriman inqilab tarixinə, inqilabın nə olduğuna Mirzə Hüseynin söhbətlərindən lazımınca bələdiyyət yetirmişdi. Fəqət Mirzə Hüseynin fiqrə üzvü olub, firqə yolunda işləməyindən xəbəri yox idi. Şəhərdən Mirzə Hüseynin yanına bəzi naməlum şəxslərin gəlib. Onunla xəlvət söhbətlər edib, bir gün, iki gün evində yatıb getdiklərini gördürdüsə də, heç əhəmiyyət vermirdi. Hamının dostu və qonağı ola bilər. Dost arasında da xəlvət söhbətlər təbiidir. Mirzə Hüseyn camaatın Nərimana olan hüsni-rəğbətini görüb ona kənd cavanlarından bir neçə nəfər etibarlısını firqəyə çəkməyi təklif etdi. Bu günlər Nəriman ciddi, fəqət ehtiyatla camaat arasında çalışmağa başladı. Bir-iki aydan sonra altı-yeddi nəfərdən ibarət bir firqə özəyi təşkil etdi. Bu özəkdə ən fəal və ən ciddi işləyənlər Mirzə Hüseyndən sonra İki qardaş – Nəriman və Qəhrəmandı. Az keçmədi ki, bunlar şəhər təşkilatı ilə də rabitə bağladılar: özək üzvlərinin ayda biri, bir bəhanə ilə şəhərə gedib, oradan təbliğat vərəqləri gətirib həftə bazarında camaatın ciblərinə, çuvallarına, xurcunlarına xəlvətcə qoyurdular. Bu yolla ətraf kəndləri vərəqlərlə doldurmuşdular. Hacı Bayram Nərimanın halətindəki təğəyyüratı, fikirli danışıqlarına, hər sözə fövrən cavab verməsini, camaat yığıncaqlarında araya qoyulan məsələləri hamıdan yaxşı həll etməsini görürdü. Amma daha onun “bir elə də uzaq getməsindən” və, – öz sözü, – “padşah düşməni” olduğundan xəbəri yox idi. Hacı istəyirdi ki, Nərimanı rədd eləsin. Hərdənbir arvadlarına da deyirdi ki: “Bu gədə çox buğda çörəyi yediyindən qudurubdur”. Bununla belə baxıb görürdü ki, Nəriman getsə, onun tamam təsərrüfatı pozulacaqdır, labüd qalıb bu “acı loğmanı” udurdu. * * * Sabah tezdən Hacı Bayram şəhərə getməli idi. Nəriman o gecəni sübhədək yata bilmədi. Neçə müddət idi ki, belə bir günü gözləməkdə idi. Hacı Bayram gedir. O, da Güldəstə ilə bir neçə gün təklikdə görüşüb söhbət edib, ona ürəyini açmaq imkanını əldə edir. Bir fikir Nərimanın qabağını almışdı və bunun da qarşısında o, aciz idi. Əvvəla, Hacı Bayram heç bir vəchlə qızını Nərimana verməz; İkincisi, versə də firqə üzvü olmağa hazırlaşan Nərimana Hacı Bayram tək bir qolçomaqla qohum olmaq yaraşarmı? Bir qədər fikirləşib özünə təskin verdi. – Vaxta ki, Güldəstə özü öz xahişi ilə mənə gəlməyə razı ola, atasından və atasının sərvətindən əl çəkə, bizim tərəfimizə keçə, o vaxt mən nə səbəbə onu ala bilmərəm? Sübh tezdən Nəriman durub getdi Hacı Bayramın evinə. Hacı Bayram hələ yatmışdı. Nəriman hacının atına arpa verib, sonra yal-quyruğunu yuyub, düyüb, yəhərləyib hazır etdi. Hacı atlanıb yola düşdükdə yenə evini, malını Nərimanın ümidinə qoymasını söylədi. Bunu da bilməlidir ki, Güldəstənin anası bir-iki ildi ki, vəfat etmişdi. Hacı Bayram bir başqa arvad alıb gətirmişdi. Bu arvad Güldəstəyə çox əziyyət verirdi və onun başdan olub, çıxıb getməsini də ürəkdən arzu edirdi. Güldəstə həmçinin analığının əlindən təngə gəlib deyirdi: – Əgər gözüm tutan bir oğlana rast gəlsəm, nə atamın sözünə, nə onun dövlətinə baxmayaraq çıxıb gedəcəyəm. Güldəstə aradığı nişanlar hamısı Nərimanda var idi: gözəl, kamallı, savadlı, iş bacaran. Güldəstənin analığının bir xasiyyəti var idi: əri bir-iki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi və hər yerdə oturub ancaq Güldəstənin söhbətini elərdi. Söz yox ki, bu xasiyyət cəmi arvadlarda var. Bu yerdə hər millətin arvadları bərabərdirlər. Ər bir-iki gün evdən yayınanda onlar da əldə bir bəhanə tutub qapı-qapı gəzərlər. Hacı Bayram gedəndən sonra arvadı da çıxıb getdi bacısı Mələknisanın evinə. Nəriman Hacı Bayramı yola saldıqdan sonra atı minib çıxdı düzlərə. Hacı Bayramın atına, malına, qoyununa baş çəkib, sonra sürüdən bir toğlu götürüb qayıtdı evə. Evdə toğlunu kəsib, üç parça bölüb, bir parçasını evdə qoyub, iki parçasını da Hacı Bayramın arvadlarının evlərinə apardı. Evə qayıdıb gördü ki, Güldəstə də oyanıb. Ət parçasını evə gətirib, Güldəstəyə verib ədəblə soruşdu: – Bişmiş üçün nə lazımdır, deynən gətirim? Bu yerdə Nəriman yenə bir ah çəkib, heç başını yuxarı qovzamadı. Güldəstə, həmçinin yavaşdan bir ah çəkib, bir qədər Nərimanın üzünə baxıb dedi: – Analığım getdi bacısı evinə. Axşamadək orada qalacaq. Axşam da kim bilir gələcək, ya yox? Özüm kabab bişirərəm, ayrı şey lazım deyil. Nəriman bir söz deməyib, evdən çıxmaq istədi. Nəhayət, bir-iki qədəm gedib dayandı. Dönüb Güldəstəyə tərəf baxdı, sonra qapıya tərəf gedəndə Güldəstə onu səslədi: – Nəriman, bir bura qayıt! Nəriman qayıtdı. – Nəriman, sənə nə olubdur? Tez-tez ah çəkirsən? Əgər ürəyində bir dərd varsa, mənə söylə. Yoxsa evinizin bir şeyə ehtiyacı var? Deginən, atam gedibdir, evdə hər şey vardır. Heç bir şeyin hesabını atam bilmir. Bəlkə pul lazımdır, un lazımdır... – Yox, heç zad lazım deyil. Özün bilirsən ki, Hacı Bayram çobanlara, naxırçılara arpa ilə qarışıqlı çörək verir. Ayrandan başqa da bir yavanlıq vermir. Yaxşı olar ki, atan gələnədək onlara qarınları dolusu çörək verərsən. Bir az buğda unu ver, yağdan, pendirdən ver, yeyib səndən razı olsunlar. – Get ləmədən nə istəyirsən götür, sonra atını min, çap sürüdən bir toğlu da gətir, ver nökərlər özləri kəsib yesinlər. Güldəstə gülüb soruşdu: – Yoxsa elə bunun üçün ah çəkirdin? Nəriman cavabında: – Xeyr, bir o deyil. – Bəs nədir? – Ta mən nə ərz eləyim? – Söylə, açıq söylə. Burada bir mənəm, bir də sən, eşidən yoxdur. Axırıncı sözlər Nərimanı cürətləndirdi: – Bilirsənmi, Güldəstə, nə var? Mən sənə də baxıram, Hacı Bayrama da baxıram. Siz heç biriniz bir-birinizə oxşamırsınız. Heç bir sənin xasiyyətinə bələd olan deməz ki, sən Hacı Bayramın qızısan. Budur, atan nökərlərə ayran, şor yedirir. Sən bu saat ləmənin qapısını açıb yağı, pendiri tökürsən ortalığa. Mən sənin atana baxıram, onun bir belə mal və dövlətə, yığdığı pullara baxıram, məni hərdənbir böht aparır. Mən uşaq vaxtında atamdan soruşardım, deyərdim: – Dədə, niyə Hacı Bayramın, Hacı Novruzun, qonşumuz Həmid bəyin dövlətləri başdan aşıb, amma sən bu gün gedib dilənməsən biz axşam ac qalarıq? Atam deyərdi: – Oğul, bu, Allahın məsləhətidir, birinə məsləhət belə verir, o birisinə verməyir. Atamın bu cavabı, doğrusu, məni kifayətləndirmirdi. Öz-özümə deyirdim: Yaxşı, Allah belə məsləhət görür, məgər o Allahın mənim əlil, iki gözündən məhrum olmuş qoca atama yazığı gəlməyir? Bu nə növ Allahdır? O gərək hamı bəndələrini bir gözdə görə. Bir adamı tox, bir adamı ac qoymaya. O gündən ki mən Hacı Bayramın evinə gəldim, gördüm ki, xeyr, burada allahfilan məsələsi yoxdur. Hacı Bayramın dövləti camaatın ətindən, qanından əmələ gəlmiş. Tamam ətrafı dolansan bir nəfər kəndli var ki, Hacı Bayrama borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu olmasın? Camaat əkib-biçdiklərinin hamısını gətirib Hacı Bayrama verdikdən sonra yenə ona borclu qalırlar. Çobanlar, naxırçılar qışın soyuğunda, yayın istisində gecə-gündüz arpa çörəyi yeyib, onun qoyununun, malının qarovulunu çəkirlər. Hacı Bayram qışda isti buxarının kənarında, yayda uca talvarlarda istirahətlə əyləşib, özü kimi hampaları cəm eləyib başına; plov qurşağa çıxır. Molla Vəli də ki, həmişə məclisin başında əyləşib hacının ömür-dövlətinə dua edir. Bu işləri mən görəndə deyirəm: insafmıdır ki, Güldəstəyə Hacı Bayramın qızı desinlər?! Odur ki, hər səni gördükdə ah çəkirəm. Güldəstə Nərimanın sözlərinə diqqətlə qulaq asırdı və qulaq asdığı zaman tez-tez başını qaldırıb, Nərimanın sifətinə baxıb, yenə də başını aşağı salırdı. Nəriman sözünü qurtardıqdan sonra Güldəstə dedi: – Nəriman, qardaş, mən özüm də hər şeyi görürəm. Sənin bu evə gəldiyin iki il olmaz. Amma mən bu evdə böyümüşəm. Hər şey mənim gözümün qabağından keçir. Atam fəqir-füqəranı soyanda elə bilirsən mənim ürəyim yanmır? Ancaq mən nə edə bilərəm? Əlimdən nə gələr? Ancaq onu bacarıram ki, atam şəhərə gedəndə əlimə fürsət düşür, fəqirfüqəra qonşulara köməyim dəyir. Nökərlərin xörəyini bir qədər yaxşılaşdırıram. – Səndən hamı razıdır, Güldəstə. Ancaq məni bir əhvalatın fikri alıb. Sən özün bilirsən neçə vaxtdır, Mirzə Hüseyndən axşamlar gedib dərs oxuyuram. Mirzə Hüseynə Rusiyadan qəzetlər gəlir. Axır vaxt Rusiyada indiyədək misli görünməmiş vaqiələr keçməkdədir. Cəmi kəndlilər mülkədarların üzlərinə dururlar. Kəndlilər deyirlər: səbəb nədir ki, zəhməti biz çəkək, bizim zəhmətimizin faydasını bəy götürsün? Bəyin də, deyirlər, canı çıxsın, o da bizim kimi bir adamdır, gəlsin işləsin, çörək qazansın. Onlar deyirlər ki, yer əkinçinİndir. Bəy ki, əkinçilik eləmir. Yerdən mədaxil götürməyə haqqı yoxdur. Bəylərin mülkləri, imarətləri, hamısı, deyirlər, camaatın alnının təri ilə qazanılıb, vaxta ki, belədir, bu əmlak gərək hamısı bəyin əlindən alınıb camaata verilsin. Alınıb verilməyən surətdə camaat özü zorla əmlakı bəylərin, hampaların əlindən alacaq. Güldəstə birdən Nərimanın sözünü kəsib qışqırdı: – Əlbəttə, camaat doğru deyir. Budur, mənim atamın hədsiz-hesabsız malı, qoyunu, atı, pulu var. Bunların hamısı camaatın zəhmətindən düzəlməyibdirmi? Güldəstənin belə cavabı Nərimanı daha da ürəkləndirdi. – Bilirsənmi, Güldəstə, Rusiyadan axan sel gəlib buraları da basacaq. Hacı bayramların, hacı novruzların və onlar kimi hampaların, cəmi bəylərin, xanların var-yoxları əllərindən alınıb camaata veriləcək. O vaxt mən bilmirəm, sən necə olacaqsan?! Bu fikir heç mənim başımdan çıxmır. Güldəstə gülüb dedi: – Elə ki bizim var-yoxumuzu alıb sizə verdilər, siz varlanarsınız. Biz də gəlib sizin kölgənizdə dolanarıq. İndi sən mənim atama qulluq eləyirsən. Onda atam gələr sənə qulluq elər. – O vaxt heç kəs, heç kəsə qulluq eləməyəcək. Hamı camaata qulluq eləyəcək, camaat da ona qulluq etmək istəməyənləri öz arasından çıxarıb qovacaq. Camaat hakimiyyətinə bərəkəs gedənlər böyük tənbehlərə düçar olacaqdır. Nəriman birdən ayağa qalxdı: – Söhbətimiz çox uzandı. Gedim, uşaqlar üçün peşkəş elədiyin toğlunu sürüdən alıb gətirim. Güldəstə yenə güldü: – Peşkəş yoxdur, o uşaqlar qazandıqlarını yeyəcəklər. Nəriman, söhbətlərin mənim çox xoşuma gəldi. Yəqin ki, analığım bacısı evində qalıb gəlməyəcəkdir. Mən də evdə tək qalanda qorxuram, axşam işlərini qurtardıqdan sonra gəl otur bu söhbətlərdən bir az da söylə. – Bəs dərsim necə olsun? – Bir gün dərsə getməyəndə nə olar? Nəriman yersiz cavabından utanıb axşam gələcəyinə söz verdi. Tez çıxıb, atı yəhərləyib yola düşdü. Kənddən bir az uzaqlaşdıqdan sonra Nəriman dayanıb ətrafa göz gəzdirdi. Bir tərəfdə qara bulud kimi yerə çökmüş bağlar, bir tərəfdə intəhasız əkin yerləri, külək işlədikcə tükənməz zəmilərin taxılları dərya tək mövc verirdi. Bu yerlər hamısı ağalıq yerləri idi ki, xalq icarəyə götürüb taxıl əkmişdi. Camaat taxılı öz zəhməti ilə əkib, suvarıb, qoruyub, biçib tökdükdən sonra təmizlənmiş taxılın dörddən birini gərək öz heyvanına yükləyib, aparıb bəyin anbarına töksünlər. Bir tərəfdə qoyunlar yan-yana verib, yaylıma yatmış, itlər sürülərin ətrafında qarovulda, çobanlardan kimi ağacına dayanmış, kimi tütək çalmadadır, kimisi papağını qaval tək ağzının qarşısında tutmuş, çoban bayatısı çağırır. Nərimanın buradan hər gün gəlib keçmək peşəsi idi. Bu dəfə Güldəstə ilə etdiyi söhbətinin təsirindən, ya nədənsə, atın üstündə dayanıb fikrə getdi. Özözünə deyirdi: bir gün olar bu intəhasız əkinlər camaatın özünə məxsus olar. Həmin bu çobanlar hampalara, hacılara qulluq etməyib, öz malları kimi xalqın qoyununun çobanlığını edərlər. Nərimanın fikri gələcəyə getdi: kənd meydançası, kənd məhkəməsi, kəndin seçmə hakimləri, masa dalında əyləşib işə baxırlar və Nəriman, kor İsrafil in oğlu Nəriman sədarətdə əyləşibdir. Hacı Bayram müqəssir surətində məhkəmənin qabağında durub qıçları titrəyərək cavab verir. Hacı Bayram guya gecə vaxtı atlarını xalqın pambıq zəmisinə salıb otarmış. Məhkəmə Hacı Bayramı həbsə almağa qərar verir... Birdən Güldəstə bir yandan çıxıb, Nərimanın ətəyindən yapışıb atasının bağışlanmasını ondan təvəqqe edir. Bu yerdə Nəriman yuxudan ayılmış kimi diksindi və öz-özünə: – Bəli, o gözəl günlər uzaqda deyildir, – dedi. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-hekayeler İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.