Kimdir müqəssir Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Kimdir müqəssir Vodevil iki məclisdə (Məzmun əxz olunub) Əşxas Qasımbəy– mülkədar Mahmud – cavan kəndli Bahar – onun övrəti * * * Əvvəlinci məclis Kənd. Mahmudun evinin qabağı. Sol tərəfdə evin qapısı, qapının yanında bir cəhrə qoyulub. Evin qabağı bağdır. Sağ tərəfdə, ağacın altında bir kötük var və kötüyün yanında neçə dənə odun. Mahmud odun yarır. Mahmud. Hm!.. Hm!.. Hm!.. Ay sənin içinə zəhrimar qarışsın. Məgər yarılmaq bilir. (Alnının tərini silir.) Hm!.. Hm!.. Hm!.. (Qolu boşalır, söykənir baltaya.) Yox, heç yarılası canavara oxşamır, belə nainsaf odun mən ömrümdə görməmişəm, başdan ayağa düyündür. Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Tər alnımdan sel tək axır, amma bu evi yıxılmışın odunu uzanıb burada, heç dünya vecinə deyil. Deyir, nə qədər canında can var, baltadan çırp, ölsən də yarılmayacağam. (Ah çəkir.) Elə ki hərdənbir papağımı qabağıma qoyub, dürüst fikir eləyirəm, baxıb görürəm ki, Allahın dünyada insandan bədbəxt məxluqu yoxdur. Vallah doğru deyirəm. Bax, elə bu odun. O da məndən xoşbəxtdir. Iş görmür, bir ehtiyacı yox, aclıq, susuzluq bilmir, bəyəndiyi yerdə uzanır, kefi kök, damağı çağ. Amma insan bir az ağuya dönmüş gödən gülləsinin ucundan, gərək hər sübh tülküdurmazdan dursun, gecə yarısınadək tər tökə-tökə işləsin. Gecədən sübhədək bədənin ağrısından yata bilməsin. Bunun da adını dolanacaq, zindəganlıq qoyublar. Amma insan əvvəl yarananda işlər belə deyilmiş. İndi mən deyim necə imiş, siz qulaq verin. (Əyləşir kötüyün üstündə.) Allah Adəmlə Həvvanı yaratdı, gözəl behiştini də verdi onlara dedi: oturun burada, oğulbəoğul yeyin-için, əlinizi ağdan qaraya vurmayın. Daha bundan gözəl nə olar? Yəni müftə, zəhmətsiz çörək yeyib yatmaqdan da bir ləzzətli şey olar? Ancaq Allah bir şərt qoydu: buyurdu ki, buğda ağacının meyvəsinə dəyməyin. Nə eybi var, dəymə, dəymə! Adəm dedi: baş üstə. Heç ağacın yaxınına da getmərəm. Amma Həvva... Aman, aman, aman!.. Dad arvad əlindən!.. Dedi: ortamdan dağılaram, buğdadan yeməsəm. Adəm yalvardı, yaxardı, ilan dili çıxartdı, olmadı ki, olmadı. Axırda yazıq kişi əlacı kəsilib, buğdanı üzüb verdi, dedi: ala, ye! Elə ki buğdanı yedilər, ikisinin də qolundan tutub saldılar eşiyə. Amma necə behişt!.. Deyirlər bizim ağamızın evindən yaxşı imiş! Adəmi behiştdən qovdular, onlar da düşdülər mən kökə. İndi mənim də behiştim budur. (Ayağı ilə odunu itələyir.) Budur mənim Həvvam da gəlir. (Durur ayağa, başlayır odun yarmağa. Bahar çiynində xurcun daxil olur. Sonra xurcunu qoyur yerə.) Bahar. Bu da mən. Gəldim çıxdım. Bazardan buraya birnəfəsə gəlmişəm. Ayaqlarım tökülür, qatığı satdım üç abbası bir şahıya, yağın da girvənkəsini altı şahıdan satdım, yaxşımı satmışam? A kişi, sımsırığını niyə sallayıbsan? De görüm yaxşımı satmışam? Mahmud (naxahi). Çox yaxşı satıbsan. (Başını aşağı salıb odun yarır.) Bahar. A kişi, yenə nə olub sənə? (Mehriban) Bircə bax gör bu çiyinlik yaxşıdırmı? Belə ucuz almışam ki. Mahmud (naxahi). Çox yaxşıdır. Bahar (ağzını əyir) Çox yaxşıdır!.. Bircə bax, sonra de, ağzını niyə göyşək mal kimi o yan-bu yana tutursan? Mahmud (naxahi), Görürəm, görürəm, heç belə çiyinlik olmaz. Ba har. Baxarsan bəri, baxarsan! (Xurcundan bir cüt çarıq çıxarır.) Bircə bu çarıqlara da bax! Mahmud (cəld). Görüm. Bahar (dörd barmağını yumub baş barmağını göstərir). Ala, göstərdim a, gör nə tez baxır? (Oturur cəhrənin yanında, çarıqları gizləyir altında. Başlayır cəhrəni bulamağa.) Gör mən necə yaxşı arvadam ki, sənin kimi şah tənbəlinə çarıq alıram, amma sən heç mənim qədrimi bilmirsən. Mahmud. Mən tənbələm? Mən tənbələm? Elə ağzını açırsan: tənbəl, tənbəl! Bahar. Yalan deyirəm? Sənin tənbəlliyin cəmi kəndə məlumdur. Mahmud. Özün işləmirsən, elə bilirsən xalq da tənbəldir! Bahar. Necə? Necə mən işləmirəm? Mahmud. Elə-belə işləmirsən. Bahar (cəhrəni göstərir). Bəs bu nədir? Mahmud. Bu nə nədir? Bahar. Gözün görmür? Mahmud. Niyə görmür, cəhrədir. Onu bulamağın adını sən işə qoymusan? Mənim bir qoca rəhmətlik nənəm var idi. Qoltuğundan tutan olmasaydı, yerindən qalxa bilmirdi, onu o da bulayırdı. Bahar. Bəs sən iş nəyə deyirsən? Mahmud. Dünyada məgər iş azdır? Xanım ki deyilsən, belə yaxşı odun yar, get su gətir, ot biç, cüt ək!.. Bahar. A kişi, nə danışırsan? Odun yar, cüt ək nədir, məgər bu mənim işİmdir? Mahmud. Utanmasan deyəcəksən, sənin işİndir. Belədirmi? Bahar. Əlbəttə, bunlar kişi işidir. Mən ki kişi deyiləm. Mahmud. Elə mən kişiyəm deyən, gərək bir belə zəhmətlərin hamısını çəkəm? Mən qələt eləmişəm, başımı daşın böyüyünə döymüşəm anadan kişi olmuşam? Bahar. Bəs necə, gərək işləyəsən, yoxsa çörək bacadan düşür? Mahmud. Bəli, mən işləyim, sən də böyrün üstündə yat, onunbunun qeybətini elə! Bahar. Kişi, məgər sənin Allahın yoxdur? Mən kimin qeybətini eləmişəm? Mahmud. Hamının, kimin qeybətini eləmirsən? Bahar (durub gəlir onun yanına). Mən tənbələm? Mən qeybətçiyəm? Mahmud. Bəli, bəli, bəli! Qeybətçisən bir də üstündən, iki də üstündən! Bahar (ağlayır). Allah, bu zülmü məgər qəbul eləyəcəksən? Axşamadək cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar! Mahmud. Bah, bah, bah! Bu xanım böyük işlər görür! Bir de görüm mən inəyi tutub, gətirib ağaca bağlamasam, sən sağa bilərsənmi? Sən ayda bir yol nehrə çalxamırsan, elə həmişə mən çalxayıram. Görürsən qatığı tökdü nehrəyə, bir sənək də suyu hıqqına-hıqqına götürüb tökdü üstündən, ondan da çağırdı (övrətini yamsılayır): Mahmud! Mahmud! Mahmud! Gəl, sən Allah, bu nehrəni göydən as! Və ondan sonra başlayır ki, belim ağrıyır, nə bilim, qonşuya ip əyirirəm, bu nehrəni çalxa. İşin harada ağırı var, tökürsən mənim üstümə. Əməyimi də itirirsən. Budur ha, dünən nehrəni yerdən qalxızmışam, İndi də belim ağrıyır. O tövr mən zəhmət çəkirəm, sən də aparıb hər həftə yağı, qatığı satıb, əskiyə-üsküyə verib, götürüb gəlirsən. Bahar. Bəs nə eləyim? Çılpaq gəzim? Mahmud. Səni danışdİranın özünün ağlı yoxdur, arvadsan, arvadsan, arvadsan! Sizin anadan olandan ölənədək ayrı fikriniz yoxdur: elə paltar, paltar. Arvad tayfasının yüz dəst paltarı ola, yenə deyəcək çılpağam. Axır, ay arvad sən məni dağıtdın, tərk elədin, bircə insafın olsun, mürüvvətin olsun! Bir tək sənin ucundan mən bir belə tər tökürəm. (Əli ilə alnını silir.) Bir saat yanımı yerə verib, dincələ bilmirəm. Bahar. Yalan isə başın batsın! Araba kölgəsində yatırsan, elə bilirsən öz kölgəndir. Çox əziyyət çəkirsən, belinə çöpdən dirək! Məndən savayı bu evdə zəhmət çəkən var? Nə vaxt sən mənim ucumdan zəhmətə düşdün? Mahmud. Bircə Həvvanı yadına sal, onda bilərsən. Bahar. Nə dedin? Mahmud. Bəli, elə onu ərz elədim. Bizim behiştdən qovulmağımıza kim müqəssirdir? Həvva! Kimin səbəbinə bizim əlimiz behişt nemətlərindən üzüldü? Həvvanın! Kimə iştah zor elədi, dedi gərək buğdanı yeyəm? Mənə? Buyur görək, niyə dinmirsən? İndi belə beşeşşəkli xoca kimi, qəşəng, qıçımı qıçımın üstündən aşırıb behiştdə kef elərdim. Bilmirdim odun yarmaq nəyə deyirlər, su daşımaq nəyə deyirlər, ot çalmaq nəyə deyirlər... Bahar. Demək olmaz, elə işləməkdən arıq düşübsən... Mahmud. Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! And olsun məni yaradana, dəyənəklə qabırğalarını sanaram! Qarnım sabunsuz araba çarxı səsi verir. Hanı ocaqda qazanın? Nə olar bir üç yumurta soyutma eləyib verəsən yeyim? Bahar. Deyirsən sabahdan bəri işləyirəm, hanı yardığın odun? Sən odun yar, mən də yandırım, sənə bişmiş bişirim. Mahmud. Odu ey... (Odunu göstərir.) Sabahdan balta çalıram, bir qıxmıq da qopara bilmirəm. Odun düyünlüdür, yarılmır, alnımdan bir çay axıb, məndə nə taqsır var? Bahar. Bəs taqsır məndədir? Mahmud. Bəli, səndədir. Bahar. Yaxşı, taqsır məndə niyə olsun? Mahmud. Səndə olmasın, olsun sənin nənən Həvvada, nə təfavütü var? Bahar. Xeyr, bu yerdə Həvvanın heç taqsırı yoxdur. Mahmud. Bəs taqsır Həvvada da deyil, məndədir? Hələ özü buğdanı yeməyi bəs deyil, aparıb binəva Adəmə də yedirtdi. Bahar. Çox da yedirtdi, Adəm yeməyəydi. Mahmud. Necə yeməyəydi? Sizin palçığınıza şeytan bir ovuc torpaq qatışdırıb, odur ki, kişiləri yoldan çıxartmaq sizə binadan irs olub! Görəsən nə dildə yazıq kişini yoldan çıxarıb, buğdanı yedirdib. Bahar. Gərək yeməyəydi. İndi ki yeyib, müqəssirdir. Mahmud. Adəm? Bahar. Bəli, elə özü. Mahmud. Yüz danışsan, taqsır Həvvadadır. Bahar. Xeyr, Adəmdədir. Mahmud. Həvvadadır, Həvvadadır, Həvvada, belə bir də üstündən! Bahar. Mən sənə bu saat sübut edərəm ki, taqsır Adəmdə idi. Mahmud. Elə görüm. Ba har. Di qulaq as! O vədə buğda bir uca ağacda bitirdi. Həvva da istədi ki, dərsin, əli çatmadı. Adəmə dedi: gəl ayağımın altında yat, gəldi yatdı. Həvva da onun belinə çıxıb, buğdanı dərdi. İndi başa düşdünmü? Mahmud. Düşdüm. Bahar. Taqsır kimdədir? Mahmud. Kimdədir? (Bir az fikirdən sonra) Həvvada! Ba har. Necə? Həvvada? Adəm niyə onun ayağının altında yatırdı? Mahmud. Necə eləyəydi? Əlacı nə idi? Yəqin arvad ağlayıbsıtqayıb, kişi də naəlac qalıb, yatıb ayağının altında. Bahar. Bəs o nə günün kişisi idi? Qulaq asmayaydı. Mahmud. Qulaq asmazdı, o da paltarını yumazdı, saqqalına xına qoymazdı, başını bitləməzdi. Ba har. Bax sabahdan bəri boş-boş söyləyirsən, İndi istəsəydin bir qucaq odun yarmışdın. O qıxmıqlar hər nədi, yığ apar içəri, ocağı qala, qazana da su qoy, as üstünə, gəlim bir az şorba bişirim, di cəld ol! Mahmud (odunu qucağına yığır). Ay buğda, vay buğda!.. Heç Allah səni yaratmayaydı. Bahar. Get, daha söylənmə, İndicə deyirdin ki, acından ölürəm. (Mahmud gedir. Bahar cəhrənin yanında oturur.) Qoyasan elə axşamadək özündən gop vurub danışa, iş görməz, güc görməz, elə zoru verir çənəsinə. Deyəndə də tənbəlsən, atını, itini alıqlayır, düşür mənim üstümə. Tənbəl olmasa, əvəzi yoxdur. Heç indiyədək bir dəfə mənim üstümə əl qalxızmayıb. Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Mahmud (qayıdır). Suyu asdım, di buyur yenə yavan şorbanı bişir, yeyim, iki gün boğazımda qaynasın. Bahar. Aldatdım, hay aldatdım! Sən heç mənim qədrimi bilmə, bircə xurcunu aç bax gör içində nə var? Mahmud (xurcunu açıb baxır). Arvad deyəsən, ət alıbsan? Bahar. Bəs necə? Ət almışam, yağımız da var, İndi durub plov bişirəcəyəm. Elə sən deginən Bahar pis arvaddır. Mahmud. Bax, İndi sənə yaxşı arvad deyərəm. İndi görürəm ki, məni istəyirmişsən. Bilirəm, bazarda deyibsən ki, kişinin yavan şorba yeməkdən qarnında şorba ağacı bitib. Qoy bir az ət alım aparım, ona plov bişirim. Belədirmi, Bahar? Bahar. Mən yaxşı arvadam, amma sən pis kişisən, mənə acığın tutur, üstümə çığırırsan. Mahmud. Vallah, mənim sənə acığım tutmur, mənim acığım Adəmə tutur. Axır o, niyə arvada yepələk olurdu? Allahın altında onun yerinə mən olaydım! Bahar. Bəli, demək olmaz, dağı dağ üstünə qoyardın! Nə olsun, mən də Həvvanın yerinə olsaydım, heç buğdaya gözümün qulağı ilə də baxmazdım. Mahmud. Yəni inanım? Bahar. Niyə inanmırsan? Adama deyirlər: əlini vurma – vurma, yemə – yemə! Mahmud. Bəlkə ürəyin istədi, onda necə? Bahar. Cəhənnəmə istəsin, gora istəsin. Nəfsinə tət deyib səbr elərsən. Mahmud. Yəni səbr elərsən? Bahar. Əlbəttə elərəm. Mahmud. Elə ömrün olanı səbr elərdin? Bahar. Ömür olanı, daha da artıq. Qasımbəy (daxil olur). Xoş gördük, əzizlərim! Bahar üzünü örtüb, divara qısılır. Mahmud (baş əyir). Ağa! Sən bizim bu kasıb komamıza xoş gəlibsən! Evimiz, eşiyimiz hamısı sənə Qurban! (Övrətinə). Ay arvad, divara niyə qısılırsan? Öz ağamızdır, yad adam deyil. Get içəridən bir təmiz döşək gətir, bəy otursun. Qasımbəy. Lazım deyil, oturmayacağam, burada gəzirdim, sizing söhbətinizi eşidib gəldim. Siz bilirsiniz ki, mənim çoxlu dövlətim var, özümün də varisim yoxdur. Sizin söhbətiniz mənə çox xoş gəldi, ona görə istəyirəm sizi bir az xoşbəxt eləyim, öz dövlətimin, mülkümün yarısını sizə verim. Mən gedirəm, bir saat bundan sonra siz ikiniz də gərək mənim evimdə olasınız. Salamat qalın. Mahmud. Ağa! Biz nəkarəyik... Qasımbəy (gedə-gedə). Artıq söz lazım deyil. Bir saatdan sonra mən sizi öz evimdə gözləyəcəyəm... Qasım bəy gedir. Mahmud və Bahar baş əyə-əyə aparıb ötürüb, ikisi də mütəhəyyir qayıdırlar. Mahmud. B a h a r! Bahar. Nədir, M a h m u d? Mahmud. Bu nə işdi? Bahar. M a h m u d! Mahmud. Nədir, B a h a r? Bahar. Bu nə işdi? Mahmud. Ağlın nə kəsir? Bahar. Kimin? Mənim? Mahmud. Hə, sənin. Bahar. Mənim ağlım heç zad kəsmir. Bəs sənin ağlın nə kəsir? Mahmud. Kimin? Mənim? Bahar. Hə, sənin. Mahmud. Mənim də ağlım heç zad kəsmir. Bahar. İndi nə deyirsən? Gedək? Mahmud. Bəs ağamız buyurandan sonra nə qayıracağıq? Tez ol yığış, gedək. Bahar. Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını bağlayım gedək. (Bahar cəhrəni, xurcunu götürür. Mahmud da odunları qucağına yığıb, onun dalınca gedir). A kişi, balta qaldı. Görünür ağlın başından çıxıb. Baltanı burada qoyub, odunu niyə içəri aparırsan? (Mahmud qayıdıb baltanı götürür.) Odun nəyə lazımdır? Tök yerə. Mahmud. Yox arvad, elə demə. Bəy sözünə bel bağlamaq olmaz, bəlkə birdən saldılar eşiyə, yenə hər nədir odundur, əmələ gələr. Hər ikisi içəri girib şeyləri qoyurlar. Arvad çarşabını götürür, çıxırlar. Bahar. İndi deyirsən gedək? Mahmud. Bəs nədir, gedək. Bahar. Nə deyirəm, gedək deyirsən, gedək. Gedirlər. Pərdə * * * İkinci məclis Qasım bəyin evində bir otaq. Otağın ortasında stol qurulub, stolun üstündə hər növ xörəklər və şərbətlər. Otağa xalılar salınıb və yumşaq divan və kürsülər qoyulub. Sol tərəfdə girdə stolun üstündə ağzı örtülü bir qab var. Mahmud və Bahar daxil olur. Mahmud. Yəni Qasım bəy görəsən bir belə cəlalı bizə verəcək? Vallah, heç inanmıram. Dəstgaha bax, cəlala bax! (Kürsüləri göstərir.) İndi görəsən bunları da qoyublar üstündə oturaq? (Əyləşir divanın üstündə, divan onu yuxarı tullayır). Bəh, bəh, bəh! Bahar, Bahar, ay Bahar, gəl yanıma! Bahar (özünü divanın üstünə yıxır). Bəh, bəh, bəh! Sənin canın üçün, Mahmud, arxın qırağındakı qumdan yumşaqdır. Mahmud. Sən bir ayağının altındakı xalıya bax, gör belə şeyi də adam qıyıb ayaq altına salarmı? Bahar (qalxıb xalçanın üstündə çökür). Mahmud, Mahmud! Pişiyə bax, gör nə göyçək toxuyublar! Bax, dişi də var, gözü də var, qulaqları da var. Görürsən bəy buna iyirmi manat veribdirmi? Qasımbəy (daxil olur, gülə-gülə). İyirmi manat yox, on səkkiz manat yarım vermişəm. Bahar, M a h m u d diksinirlər. Bahar. Bıy, mənim başıma xeyir! Bəy burada imiş. Mahmud. Bəy, bağışlaginən, qanmaz rəiyyət adamıq. Qasımbəy. Eybi yoxdur. Xoş gəlibsiniz, mənim əziz qonaqlarım. Bu mənzil sizin təzə mənzilinizdir. Ancaq sizlə mənim bircə şərtim var. Əgər o şərtə əməl edə bilsəniz, bu cəlalı həmişəlik sizə verəcəyəm, yox, əməl eləyə bilməsəniz, yenə qayıdacaqsınız öz komanıza. Mahmud. Buyur görək, nə şərtdir, bəlkə elə çətİndir ki, biz bacarası deyil. Qasımbəy. Xeyr, mənim şərtim çox-çox asandır. Qulan asın: siz burada əyləşin, bu süfrənin kənarında, kefiniz istədikcə yeyin, için. Ancaq İndidən üç saat keçincə gərək ağzı örtülü qabı yerindən tərpətməyəsiniz və ağzını açıb içinə baxmayasınız. Çünki bu qabın içində bir şey var ki, onu siz gərək üç saat görməyəsiniz. Üç saatdan sonra qabın içindəkini sizə verəcəyəm. Mənim şərtim budur, əgər əmələ gətirdiniz, bu dövlət hamısı sizə qalasıdır, yoxsa... Mahmud. Yoxsa, bizi əl-ələ verib, hər birimizə bir təpik vurub, iti məsciddən qovan kimi qovacaqsan. Qasımbəy. Yox, əgər mənim şərtimə əməl eləyə bilməsəniz, bu dövlət yenə mənim özümə qalasıdır. Başa düşdünüz? (Saat bir dəfə vurur.) İndi günortadan bir saat keçib, mən gedirəm, düz üç saatdan sonra gələcəyəm. (Gedə-gedə) Qab gərək açılmasın və içinə baxılmasın. (Gedir.) Mahmud. Ha!.. Ha!.. Mən də deyirəm, görəsən, bəy nə şərt qoyacaq. (Arvadının qolundan çəkir.) Süfrəyə tərəf gəl görək, ye bu gözəl xörəklərdən. Otururlar. Bahar (yeyir). Deyirəm, Mahmud, Allah bizə elə gün veribdir ki, yatsaq yuxumuzda da görmərik. Mahmud. Əgər mənim vaqiəmə bir belə cəlal girvə, yalan deyən adam deyil, itə dönüm, o biri böyrüm üstünə çönüb, təzədən yataram. Belə bəxt haradan ələ düşər? Bahar. Üç saatdan sonra bunlar hamısı bizim olacaq. Sən də olacaqsan Mahmud bəy... Mahmud. Sən də olacaqsan Bahar xanım. Bahar. Deyəsən axır bizim bəyin ağlı çaşıb, yaxşı, üç saat qabın içinə baxmamaq nə böyük işdir ki, buyurdu? Mahmud. Eh! Qab mənim çoxdan yadımdan çıxıb, istər üç yüz qab orada bir-birinin yanına düzülə yenə mənim halıma təfavüt eləməz. Bir belə yeyinti olan yerdə adamın yadına qabmı düşər? Bir kətəyə bax, şit yağı da basıblar arasına, adamın ağzının suyu axır. Sənə də verimmi? Bahar. Bir tikə ver. Mahmud. Bir tikə nədir, ay axmaq? Bütövünü götürüb lombalaya bilmirsən? Ala qoy qabağına! Şərbət də istəyirsənmi? Bahar. Bir az tök ver. Mahmud. Şüşəsini götür çək başına. Bir az tök ver nədir, ay səfeh? Bunlar hamısı bizim ixtiyarımızdadır. Bircə ağzı örtülü qabdan savay. (Saat iki dəfə vurur). Gör vaxt nə tez keçir? Saatın biri heç bilmədik nə tövr keçdi. Ba har. Allah, sənə şükür! Ikicə saatdan sonra qabın içindəkini biləcəyəm. Amma, Mahmud, bax gör nə gözəl qabdır, mən heç belə qab görməmişəm. Mahmud. İstəmirəm, baxmıram, nə lazım, yaxşı deyil, heç sən də baxma. Bahar. Niyə baxmayım, qıraqdan baxmaq da ki, qadağan deyil, nə olar baxanda? Mahmud. Baxma, bəlkə bir şey oldu. Bahar. Yaxşı, bəs gözüyumulu oturum? Qabdır, durub gözünün qabağında, nə tövr baxmayım? Mahmud. Üzünü o yana döndər, gözün görməsin. Bahar. Axır üzümü geri döndərsəm, səni görmərəm. Gəl yerimizi dəyişək. Mahmud. Yaxşı, dəyişək deyirsən, dəyişək. (Çox ağır qalxır.) Elə belə yaxşıdır, nə lazım, bəlkə bir şeytan xatası oldu. Yerlərini dəyişirlər, Bahar gözünü döndərir qaba tərəf. Mahmud. Yenə niyə baxırsan? Bahar. Baxıb eləmirəm, qorxuram qolum toxuna, görmürsən, lap böyrümdədir? Heç bilmirəm bu qab nə idi, bəy gətirdi bizə aval elədi? Vallah, yalandır, onun içində heç zad yoxdur. Mahmud. Ay arvad, Allahı sevərsən, başını aşağı sal, çörəyini ye. Nə qab-qab deyib uculuyubsan? Bahar. Doğru deyirsən, Mahmud. Heç daha yadıma da salmaram. Mahmud başını aşağı əyir. Bahar ahəstə qalxıb qulağını qaba verir. Mahmud (görüb ucadan qışqırır). Ay arvad, nə qayırırsan? Bahar (diksinir). A kişi, ürəyim qopdu, niyə belə bağırırsan? Əlimi ki, vurmuram, qulaq asmaq da olmaz? Mahmud. Yox, olmaz, mən izin vermirəm. Arvad, axır deyəsən şeytan sənə dinclik vermir? Bahar (əyləşib). Yaxşı, baxmaram, baxmaram. (Bir azdan sonra) Mahmud! Mahmud. Nə deyirsən? Bahar. Sən Allah, qoy bircə tikə qabın qırağını qalxızım baxım. Mahmud. Arvad, gəl sən, lənət şeytana de, mənim cinimi tutdurma, vallah sənə bir toy tutaram ki, ömrün olanı dadı damağından getməz. Bahar (acıqlı). Vallah, heç puf da eləyə bilməzsən! Axır mənə deyən gərək, bunun nəyinə yalvarırsan? (İstəyir qapağı qalxızsın). Mahmud (hövlnak). Gözünü qan örtübdür nədir, ay arvad? (Qalxıb qolundan tutub sürüyür.) Gəl bəri, gəl otur burada. Üzünü də belə çöndər. Ha belə ha!.. İndi nə gözlərin görsün, nə ürəyin bulansın. Bahar. Kişi, vallah, sən məni lap öldürmək istəyirsən! Mən dəxi burada oturmaram, gedəcəyəm öz evimizə, burada bir sən qal, bir də bu qab. Mahmud. Ay arvad, bircə gözlərin olsun! Axır bura xalis behiştdir, o hisli-paslı daxmada nə görübsən? Axır bircə başa düşgünən, vallah, baxmaq olmaz. Bahar. Baxmaq olmaz, çünki sənin məndən zəhlən gedir. İstəyirsən mən ölüm, gedib özünə bir göyçək xanım arvad alıb gətirəsən. Mən bu evə yaraşmıram. (Ağlayır.) Mahmud. Bahar, Bahar sən Allah, ağlama! Sən ağlayanda mənim də ürəyim kövrəlir, ağlamağım tutur... Ay arvad, nə olar bir azcasəbr eləyəsən. Bahar. Di onda salamat qal, dahı mən gedirəm. (Durub qapıya tərəf gedir). Mahmud. Nə deyirəm, gedirsən get, Allah yaxşı yol versin. Görünür sən ərindən əl çəkərsən, öz höcətliyindən əl çəkməzsən. Ba har. Bəli, burada ağlayım, mənim bağrım çatlasın, sən də bunun adını höcətlik qoy! Mən burada bir dəqiqə oturmaram, salamat qal! Mahmud. Nə deyirəm, xoş gəldin. (Gedib uzanır divanın üstündə.) Bahar (qapıya gedir, qayıdır). Nə dedin? Tez ol sözünü de, tələsirəm. Mahmud. Kim nə dedi? Bahar. Bəs sən məni İndicə çağırmadın? Mahmud. Heç ağlıma da gəlmədi. Bahar. Onda salamat qal! Mahmud. Xoş gəldin. Bahar (qapıya gedib, qayıdır). Mahmud! Mahmud. Nə deyirsən? Bahar. İndi deyirsən qabın ağzını açmaq olmaz. Mahmud. Xeyr, olmaz. Bahar (qeyzlə). Olmaz?! Saat üç dəfə vurur. Mahmud. Yox, yox, yox! Bir az sakit ol, mənim yuxum gəlir, yatacağam, bəyin gəlməyinə bir saat qalır. Bahar. Hələ bir saat qalır? Mahmud. Bir saat çoxdur? Bahar (qəzəbli). Yəni deyirsən olmaz? Mahmud. Xeyr, olmaz! Bahar (qeyzli). Olmaz! Mahmud. Olmaz. Bahar (yıxılır). Ay ürəyim dağıldı!.. Ay öldüm!.. Ay Allahı sevən!.. Mahmud (qalxıb cəld onun yanına gəlir). Bahar, nə qayırırsan? Nə oldu sənə, Qurbanın olum!.. Bahar. Öldüm, öldüm, öldüm! Mahmud. Axır nə oldu sənə? Niyə elə eləyirsən? Ala, şərbət verim, iç... İçmirsən? Bəs nə istəyirsən, onu de? Bahar. O qabın ağzını açmasan, öləcəyəm. Mahmud. Di yaxşı, gəl açım. (Bahar durub gəlir qabın yanına.) İndi ürəyin sakit oldumu? Bahar. Hə, oldu. Mahmud. Çox gözəl, di get otur yerində. Bahar. Bəs qab? Mahmud. Axı olmaz, vallah olmaz. Bir azca gözləsən nə olar? Ba har. Görünür, sən mənim ölməyimi istəyirsən, mən də ölürəm. (Yıxılır.) Daha mən öldüm, mən səni halal elədim, sən də məni halal et. Mahmud (ağlayır). Öldü, vallah öldü! Mən nə tövr eləyim, başıma nə çarə qılım? Bahar, Bahar, ölmə Qurbanın olum... Bax, budur, açıram... Bahar. Di tez ol, aç... Canım çıxmamış bir gözüm görsün. Mahmud. Pənah Allaha, hər nə ola-ola! (Qabın ağzını açır, içindən bir quş çıxıb uçur.) Bahar (yerindən sıçrayıb). Qoyma, qaçdı! Tut! Qoyma! Mahmud. Gör nə tez dirildi. Bahar. Ay əməzək, Allah səni döysün! Niyə qoyurdun qaçsın, İndi nə tövr eləyək?.. Gödən, heyvan, öküz!.. Mahmud. Bəli, gəl insana yaxşılıq elə, adını da öküz qoysunlar! Mən sənə demədimmi ki arvad, səbr elə? Bahar (ağzını əyir). Səbr elə, səbr elə... Çox da mən səbr eləmədim, gərək elə sən heyvanlığına salıb quşu qaçırdaydın? Ayının yekəsi! Mahmud. Nə eləyəydim, arvad, ölürdün axır? Bahar. Elə mən ölürəm dedim, sən də inandın? Mahmud. Ay bədbəxt kişilər! Övrətlər işi xarab eləsinlər, size də söysünlər. Görünür, bizim bəxtimiz belədir. Ax!.. Ax!.. Ax!.. Bir belə dövlət, bu gözəl ev, böyük cəlal, hamısı bir dəqiqədə pırr.. uçdu göyə. (Saat dörd dəfə vurur.) Bəli, ləzzət qurtardı! Qasımbəy (daxil olur). Necəsiniz, əzizlərim? Yaxşı keçindinizmi? Mahmud. Allah ömrünü uzun eləsin, ağa, çox yaxşı keçİndik. Qasımbəy. Qabla işiniz olmayıbdır? Mahmud. Xeyr, işimiz yoxdur. Qasımbəy (qulağını verir qaba). İçəridən bir səs gəlmir, deyəsən, qabın altındakı yoxdur? (Qabın ağzını açır.) Baho... Bəs buradakı quş necə oldu? İndi, əzizlərim, belə görünür ki, dünyada insane nə qədər naz-nemət versən, yenə onun gözləri doymaz. Çox yaxşı olar ki, siz yenə qayıdasınız öz daxmanıza. Sizin gününüz orada buradan yaxşı keçir. Hər bir ehtiyacınız da olsa yenə mənim yanıma gələ bilərsiniz. Mən sizə həmişə kömək eləməyə hazıram. (Gedir.) Mahmud. B a h a r! Bahar. Nədir, M a h m u d? Mahmud. Bu nə işdi? Bahar. M a h m u d! Mahmud. Nədir, B a h a r? Bahar. Bu nə işdi? Mahmud. Ağlın nə kəsir? Bahar. Kimin? Mənim? Mahmud. Hə sənin. Bahar. Mənim ağlım heç zad kəsmir. Sənin ağlın nə kəsir? Mahmud. Kimin? Mənim? Bahar. Hə, sənin. Mahmud. Mənim də ağlım heç zad kəsmir. Bahar. İndi deyirsən gedək? Mahmud. Bəs ağamız buyurandan sonra getməyib nə qayıracağıq? Dayanma, tez ol gedək. Bahar. Nə deyirəm, gedək deyirsən gedək. Mahmud. Di düş qabağıma. Ay Həvvanın halalca balası. Gedirlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-kimdir-muqessir İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.