Köhnə dudman Əbdürrəhim bəy Haqverdiyev (1870–1933) Köhnə dudman Dörd pərdədə İştirak edənlər Pərvizxan – böyük mülkədar Mirzəİsmayıl – xanın vəkili Sadıqbəy – xanın yaxın köməkçisi Rəcəbkəndxuda – kəndxuda Xanınqızı Başhərəm İkincihərəm Rəşid – xanın qulluqçusu Allahqulu – kasıb kəndli Bədəl – onun oğlu Gülsənəm – onun qızı Hüseyn – pişxidmət Abdullaxan – Pərviz xanın düşməni Cavankəndli Erməni Tağı } Heydər }qaçaqlar Xəlil } Şirin } SəfI } Ağsaqqallar, cavanlar, nökər, xacə, pəhləvan, qasid, sərkərdə, qarovul, uşaq və kənd camaatı * * * Birinci pərdə Pərviz xanın kəndində. Amilin evi. Evin qabağında vaqe meydançada böyük izdiham. Xanın vəkili Mirzə Ismayıl balkonda əyləşib. Camaat dəstə-dəstə orada-burada toplaşıb danışırlar. Bir kənarda bir qoca kəndli – Allahqulu ilə bir cavan kəndli söhbət edirlər. Cavankəndli. Deyirlər, xan bu gün kəndə buyuracaq. Heç bilirsən, onun hər gəlməyindən rəiyyətə nə qədər ziyan toxunur? Onun da ki, öz rəiyyətinə yazığı gəlmir. Rəiyyət, deyəndə, ağanın övladıdır. Ağa da gərək öz övladına zülm etməsin. Allahqulu. Oğlum, hələ sən cavansan. Elə ki, mən yaşa yetdin, onda bir az ağıllı danışarsan. (Ətrafa baxır.) Bir az kənara çəkilək, danışdığımızı eşitməsinlər. (Çəkilirlər kənara.) Bala, ağa nə qədər uzaqda olsa, kəndli üçün bir elə yaxşıdır. Oturar evində, lazım olanda malcəhət üçün öz vəkilini göndərər. Biz də vəkilə az verib, çox yalvararıq, çox verib, az yalvararıq, bir tövrlə yola salarıq gedər. Cavankəndli. Ağa da gələndə, gedib ayağına yıxılıb, deyərsən, Qurbanın olum, məhsulumuz az oldu, quraqlıq düşdü, su azlıq elədi, sel gəlmədi, çəyirtkə yedi. Dövlətli xandır, görərsən camaata rəhm eləyib, verginin yarısından keçdi. Allahqulu. Oğlum, dünya görməyibsən, sən deyən Pərviz xan deyil, kölgəsidir. Bir xan ki, rəiyyəti qaramal kimi qulağından tutub sata, ona nə yalvarmaq, nə yaxarmaq! Onun elə kəndə gəlib, üç gün qalıb getməsi, mədaxil istəməsə də, camaatın nəfəsini kəsir. Mirzə İsmayıl (balkondan). Rəcəb kəndxuda, camaatı bir yerə topla! Rəcəbkəndxuda. Ay camaat, buraya yığılın. Mirzənin sizə buyruğu var. Camaat balkonun qabağında toplaşır. Allahqulu. Gedək yavuğa. Qulaq as, gör mirzə nə buyuracaq, o vaxt mən dediklərimi anlarsan. Gedirlər yavuğa. Mirzə İsmayıl. Camaat, Pərviz xan, necə ki, sizə məlumdur, iltifat eləyib, bu gün sizə qonaq gəlir. Camaat. Çox xoş gəlir, gözümüz üstündə yeri var. Allah onun kölgəsini bizim başımızdan əskik eləməsin. Mirzə İsmayıl. Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar. Cavanlar da hamısı atlanıb xanın qabağına getsinlər. Xana yetişib, baş əyəndən sonra, qayıdıb kəndə girincə xanın qabağında at oynatsınlar. Yaxşı at oynadanlara xan xələt bağışlayacaq. Xan kəndə daxil olan tək, gərək ayağının altında bir öküz kəsilsin. İkinci öküz Qurbanı kəndin ortasında kəsilməlidir. Xan sizə üç gün qonaq qalacaq. Bu üç gündə xanın özünə və onun üstüncə gələn otuz nəfər atlıya gərək bacardığınız hörməti eləyəsiniz. Rəcəb kəndxuda, binagüzarlıq səninlədir. (İçəri daxil olur.) Rəcəbkəndxuda. Camaat, mirzənin buyruğunu eşitdiniz ki? Camaat. Bəli, eşitdik. Rəcəbkəndxuda. Di dayanmaq yeri deyil. Xan kəndə yaxınlaşmaqdadır. Ağsaqqallar gedib xanlıq dəyirmanının qabağında xanı gözləsinlər. Mollaya da xəbər verin. Cavanlar, nə dayanıbsınız?! Haydı, tez olun. Bu saat yola düşün! Yoxsa sizə bir elçi də göndərəcəklər? Tez olun! Ağsaqqallar, cavanlar gedirlər. Allahqulu (cavana). Di get, sən də atını min, çap xanın qabağına. Görürsən, bala? Xanın gəlməyi belə olur. İki öküz bu gün kəsiləcək. Hər gündə də gərək iki öküz kəsilsin ki, bəlkə xanın üstüncə gələn ac qurdların qarınları dolsun. Ondan savayı da hər kəsin evində nə var, gərək xanın qulluğuna çəksin: qatıqmı, qaymaqmı, yağmı, motalmı, quzumu. Xan buradan gedəndə də bir neçə araba da belə şeylərlə doldurub özü ilə aparacaq. İndi, bala, görürsənmi, "xan gəldi" necə olar? Cavankəndli. Görürəm, əmi, mən belə bilmirdim. Allahqulu. Hələ bu nə ucudur, nə ortası, çox şey görəcəksən. Bundan da yaman işlər var. Xan üçün camaatın arvadlarını, qızlarını çəkəcəklər. Cavankəndli. Əmi, məgər rəiyyətin namusu ağanın namusu deyil? Belə işi də ağa elərmi? Allahqulu. Rəiyyətdə məgər namus qoyublar? Bizim hamımızı binamus eləyiblər. Cavankəndli. Əgər bir kəs mənim külfətimə, anama, bacıma toxuna, hər kəs olur-olsun, cəmdəyini yerdə qoyaram. Allahqulu. Bu sözləri çoxları deyiblər. Rəcəbkəndxuda (qocaya). Allahqulu, nə uzun söyləyirsən? Gəl, cəld ol, xanlıq dəyirmana tərəf yola düş. İndi xanın gələn vaxtıdır. (Cavan kəndliyə) Bala, Qənbər, sən də dayanma. Söhbətin xan gedəndən sonraya qalsın. Allahqulu. Deməli, mən xanın qabağına çıxmasam xan yoldan qayıdıb, kəndə girməyəcək? Rəcəbkəndxuda. Gəl get, ayıbdır, qanının bahasını ağzına alma. Bilirsən ki, xan eşitsə atanı qəbirdən çıxardar. Allahqulu. Gedirəm, gedirəm. (Cavan kəndliyə) Bala, sən də get, atını min, çap xanın qabağına. Bəlkə xələtdən, filandan sənə iltifat eləyə. Rəcəbkəndxuda. Allahqulu, get deyirəm sənə. Uzun danışıq fayda verməz. Görünür ağsaqqal vaxtında belin kötək istəyir. Allahqulu. Biz kötəksiz məgər dolana bilərik? Belimiz adət eləyib. İki gün kötək dəyməyəndə bədənimiz qaşınmağa başlayır. Rəcəbkəndxuda. Gəl, get deyirəm. Ondan qorx ki, bir kötəklə canın qurtarmaya. Allahqulu (cavana). Gedək bala! Gedirlər. Mirzə İsmayıl (balkona çıxır). Rəcəb kəndxuda, camaat hamısı getdimi? Rəcəbkəndxuda. Bəli, mirzə, hamı getdi. (Qoca və cavanı göstərir.) Bunlar da, budur, gedirlər. Mirzə İsmayıl. Onlarla nə söhbət eləyirdin? Sən də, füzul oğlu füzul, söhbət eləməyə vaxt tapıbsan? Bir adamın yaxasından yapışanda buraxmaq istəmirsən. (Kəndlilərə) Gedin, qardaşlar, dayanmayın. (Qoca və cavan gedirlər. Mirzə Ismayıl enir aşağıya.) De görüm onlarla nə danışırdın? Rəcəbkəndxuda. Bir danışmaq yox idi. Bu Allahqulu kişi də bir dikbaşın biridir. Heç kəsdən dilini saxlamır. Onun dilini kəsib bir yaxşı tövbə vermək lazımdır. Mirzə İsmayıl. Necə? Rəcəbkəndxuda. Necəsi yoxdur. Ağzına gələni xanın haqqında danışır. Bir adam da yoxdur ki, onun ağzının ipini çəksin. Deyirəm get dəyirmanın qabağına, deyir, mən getməsəm, xan küsüb dala qayıdacaq? Mirzə İsmayıl. Necə, yoxsa xanın qəzəbindən xəbəri yoxdur? Bilmirmi ki, o qədər vurarlar, qamçı altında canı çıxıb, it kimi murder olar? Rəcəbkəndxuda. Həqiqət, mirzə, belə adamlara tövbə vermək lazımdır. Yoxsa görərsən, camaatı da yoldan çıxartdı. Mirzə İsmayıl. Xub, xan gələr, mən qulluğuna ərz elərəm. Rəcəbkəndxuda. Mirzə, sənə bir söz deyim. Sənin çörəyin haqqı, Allahqulunun evində təzə yetişmiş elə bir qızı var ki, dünyanın yarısına verməzsən. Mən deyə bilərəm ki, xanın hərəmxanasında elə can yoxdur. Xalis padşah malıdır. Mirzə İsmayıl. Bəs, a zalım oğlu, İndiyədək bunu mənə niyə xəbər verməyibsən? Rəcəbkəndxuda. Xəbər verərdim, qızın qardaşından qorxurdum, ondan qan iyi gəlir. Mirzə İsmayıl. Onun qorxusu yoxdur. Həqiqət, qız çox gözəldir? Rəcəbkəndxuda. Ərz elədim ki, padşaha layiq qızdır: uzun boylu, qara gözlü, yanaq, – demə görmədim, – bir şüşə dolu qan, yerişi sona yerişi, saçları topuğundan, guya zalım qızına gün işığı dəyməyib. Mirzə İsmayıl. Daha kəs səsini, kafir! Ağzımın suyu axdı. Əlbəttə, xana bir belə peşkəş vacibdir. Rəcəbkəndxuda. Ancaq, mirzə, səndən təvəqqe eləyirəm, xanın qulluğuna o qızın xəbərini mən gətirdiyimi ərz eləyəsən. Bəlkə xandan mənə bir xələt çıxa. Mirzə İsmayıl. Əlbəttə deyərəm. Rəcəbkəndxuda. Ancaq, mirzə, bir şey var. Mirzə İsmayıl. Nə şey? Rəcəbkəndxuda. Doğrusu, yenə deyirəm, Allahqulunun oğlunun xatasından gərək məni qoruyasan. Mirzə İsmayıl. Onun əlacı asandır. Arxayın ol. (At ayağı səsi eşidilir.) Rəcəb kəndxuda, gör xandırmı gələn? Rəcəbkəndxuda (yüyürüb baxıb, tez dala qayıdır). Bəli, mirzə, xan təşrif gətirir. Mirzə İsmayıl. Yüyür xanın atını özün tut. Sonra mən səni xanın nəzərinə verərəm: qoçaq adamsan, sədaqətli qulluqçusan. Rəcəbkəndxuda. Ölənədək başla, canla xana qulluq eləmək borcumuzdur. Mirzə İsmayıl. Tez ol, yüyür! Rəcəb kəndxuda, Mirzə İsmayıl da onun dalınca gedirlər. Pərviz xan, yanında Mirzə Ismayıl, ətrafında kəndin ağsaqqalları və cavanları daxil olurlar. Pərvizxan. Camaat, sizin hamınızı xoş gördük! Camaat. Xoş bəxtiniz olsun, xan! Pərvizxan. Necəsiniz, salamatsınızmı? Camaat. Şəfaətin artıq olsun, xan! Allah sizin kölgənizi bizim başımızdan əskik eləməsin! Pərvizxan. Əkənəcəyiniz necədir? Malınız, qoyununuz salamatdırmı? Camaat. Dövlətinizdən salamatlıqdır. Camaatla xan danışan əsnada Allahqulu kənarda durub dinməz qulaq asır. Xan ona tərəf baxanda naxahi baş əyir. Mirzə İsmayıl. Camaat, xan yorulubdur. Siz də sabahdan ayaq üstündə məəttəlsiniz. Gedin evlərinizə, xan da dincini alsın. Hər kəsin nə dərdi var, sabah gəlib xana ərz eləyə bilər. Camaat bir-bir: mürəxxəs olaq, mürəxxəs olaq, – deyərək gedirlər. Allahqulu baş əyməyib camaatın dalınca gedir. Pərvizxan. Mirzə, tək kənarda duran kişi kim idi? Mirzə İsmayıl. Qurbanın olum, ona Allahqulu Oruc oğlu deyirlər. Pərvizxan. Bəli, eşitmişəm. O yenə camaata qarışmayıb, bizdən boyun qaçırtdı? Mirzə İsmayıl. Xan sağ olsun, onun öhdəsindən nə mən, nə də yazıq Rəcəb kəndxuda gələ bilirik. Başıdikin biridir. Kənddə ağzına gələni danışır, camaatı da yoldan çıxardır. Pərvizxan. Eybi yoxdur, cəzasına çatar. Mirzə İsmayıl. Amma, xan sağ olsun, deyirlər, evində elə bir vəcihə qızı var ki, heç vəsfə gələn deyil. Pərvizxan. Nə danışırsan? Mirzə İsmayıl. Başın üçün, xan, əgər deyilən doğru isə, həqiqət hərəmxana malıdır ki, özünlə aparasan. Pərvizxan. Bu gecə onu mənim yanıma gətirərsən. Xoşuma gəlsə, apararam hərəmxanaya. Mirzə İsmayıl. Baş üstə, xan. Xoşuna gəlsə, Rəcəb kəndxudaya gərək xələt verəsən. Çünki qız xəbərini gətirən odur. Özü də it sədaqətində bir qulluqçudur. Pərvizxan. Bir adam göndər, Allahqulunu buraya gətirsin. Mirzə İsmayıl (çağırır). Rəcəb kəndxuda! Rəcəbkəndxuda (yüyürərək gəlir). Bəli, Mirzə! Mirzə İsmayıl. Bu saat xanın fərraşlarından da bir neçə nəfər götürüb, gedib Allahqulu Oruc oğlunu xanın qulluğuna gətirərsən. Deyərsən, xan səni hüzura istəyir. Rəcəbkəndxuda. Baş üstə! (Baş əyib gedir.) Pərvizxan. Mirzə, cavanların siyahısı hazırdırmı? Mirzə İsmayıl. Bəli, hazırdır. Igidlərdən on beş nəfər seçmələrinin adlarını siyahı eləmişəm. Pərvizxan. Bilirsən bu nə üçündür? Mirzə İsmayıl. Xeyr, Qurban, bilmirəm. Pərvizxan. Yadındadırmı neçə il bundan əqdəm Rəhim xan mənə iki güləşən dəvə və iki də yaxşı boğuşan köpək göndərmişdi? Mirzə İsmayıl. Bəli, Qurbanın olum, çox gözəl yadımdadır. Hətta qızıl köpək, Abdulla xanın yüz qızıla aldığı köpəyini boğdu da, yadımdadır. Abdulla xan haman saat iti güllə ilə vurub öldürdü. Özü də atını minib naharsız getdi. Pərvizxan. Afərin! Gözəlcə yadındadır. İndi də Rəhim xan mənə məktub göndərib, yazır ki, sizin Heydərxanlının cavanları çox igid olurlar. Təvəqqe edirəm, onlardan on beş nəfər mənə satasınız ki, yanımca lazım olan yerlərə atlansınlar. Hər birinə də yüz əlli qızıl təklif eləyir. Bu da çox yaxşı qiymətdir. Mən də cavabımda yazdım ki, bu qiymətdən satmağa hazıram. Burada həm pul var, həm də dəvələrin və köpəklərin xəcalətindən çıxaram. Abdulla xan indi də mənimlədanışmır. Ha, ha, ha… Mirzə İsmayıl. Çox yaxşı sövdadır, Allah xeyir versin. (Siyahını uzadır.) Buyur, Qurban! (Xan siyahını alıb oxuyur.) Ancaq burada bir səhv var, onu düzəltmək lazımdır. Pərvizxan. Nə səhv? Mirzə İsmayıl. Yaxşı olar ki, siyahıdan Həsən Pirqulu oğlunu pozub, əvəzinə Allahqulu oğlu Bədəli yazaq. Onun buradan getməsi məsləhətdir. Dəli igiddir, əlindən xəta çıxa bilər. Pərvizxan. Anladım nə deyirsən. Çox gözəl, al, pozursan poz! Əvəzinə Bədəli yaz! (Siyahını verir.) Mirzə İsmayıl (siyahını alıb, düzəldir). Buyur, Qurban! (Verir xana.) Allahqulunu oğlu ilə xanın qulluğuna gətirirlər. Hər ikisi baş vurub əli bağlı dururlar. Pərvizxan (diqqətlə Allahqulunun oğluna baxır). Yavuğa gəl, qoçaq! (Bədəl qabağa yeriyir.) Adın nədir? Bədəl. Xanın nökərinin adı Bədəldir. Pərvizxan. Afərin! Gözəl cavab verdin. Yəqin ki, mənim sadiq rəiyyətlərimdənsən. (Bədəl baş əyib bir söz demir.) Mirzə Ismayıl, bu oğlanı haraya lazım bilirsən göndər. Mirzə İsmayıl (Rəcəbə). Rəcəb kəndxuda, siyahı ilə çağrılan cavanlar haradadırlar? Rəcəbkəndxuda. Divanxanadadırlar. Mirzə İsmayıl. Bu oğlanı da apar oraya. Həsən Pirqulu oğlunu da boşla getsin evinə. Rəcəbkəndxuda (Bədələ). Yeri gedək. (Aparır.) Pərvizxan. Çox qaçaq oğlana oxşayır. Mirzə İsmayıl. Igidlikdə, qoçaqlıqda tayı, bərabəri yoxdur. Pərvizxan. Sifətindən, baxanda, qoçaqlıq yağır. Belə bir oğlanı yüz əlli qızıla vermək cəfadır. Mirzə İsmayıl. Məsləhət belədir. Pərvizxan. Doğrudur, belə oğlanı görüb, Rəhim xan da məndən razı qalar. Allahqulu. Mirzə, mənim oğlumu haraya göndərdin? Mirzə İsmayıl. Sən nə haqla bu sualı mənə verirsən? Allahqulu. Necə? Məgər ata deyiləm? Oğlumun haraya aparılmağını bilməyim? Mirzə İsmayıl. Hamının atası xandır. Hamının ixtiyarı da onun əlindədir. Nə istərsə elər. Hər kəsə öl dedi, gərək ölsün, qal dedi, qalsın və sənin də xan qulluğunda danışmağa ixtiyarın yoxdur. Qoca kişisən, bu yolların hamısını yaxşı bilirsən. Səni hüzura çağırıblar, nə xəbər alarlar, cavab verib, evinə gedərsən. Allahqulu. Mirzə, mən oğlumun haraya aparılmağını yaxşı bilirəm. Məgər rəiyyət qaramaldır ki, bir-bir aparıb satasınız? Mirzə İsmayıl. Xan sağ olsun, İndi özünüz bunun nə növ bir insane olduğunu görürsünüz. Xan qulluğunda cürət eləyib bu dildə danışan, görün kənarda nələr söyləyə bilər. Pərvizxan. Görürəm. (Allahquluya) Allahqulu, mən sənin haqqında çox şeylər və sözlər eşitmişdim. Amma böhtan hesab eləyib inanmırdım. İmdi mən səni dürüst tanıdım. Gərək mənimlə gedib həmişəlik yanımda qalasan. Səni bu kənddə qoymaq olmaz. Allahqulu. Xan sağ olsun, məgər ata ürəyi yananda danışmaq da qadağandır? Heyvanın balası itəndə o da görürsən hər yeri dolanıb axtarır. Məgər mən heyvanca da deyiləm? Rəcəbkəndxuda (daxil olur). Mirzə, aparıb divanxanada qoydum. Pirqulu oğlunu da buraxdım getdi. Pərvizxan (Allahquluya). Mənim nəinki sənin oğluna, hətta tamam külfətinə, sənin malına, canına belə ixtiyarım çatar. Sənin gözlərinin qabağında azmı adam dara çəkilib? Rəcəb kəndxuda, bunu aparıb üç yüz çubuq vurdurarsan. Bir də xan qulluğunda cürət eləyib danışmaz. Rəcəbkəndxuda (Allahqulunun qolundan yapışır). Gedək! Allahqulu çəkinir. Balacauşaq (yüyürərək gəlir). Ata! Bu saat xanın adamları gəlib, bacımı çəkib apardılar. Qardaşımı nə qədər axtardım tapmadım. Allahqulu (başına döyür). Bu da bir müsibət! Xan, oğlumu aparıb məni köməksiz qoydun. İndi də mənim namusuma əl atırsan? Adını beləmi ata qoyubsan? Batsın sənin kimi ata! Sən ata deyilsən, qaniçənsən, canavarsan! Pərvizxan. Daha kifayətdir! Rəcəb kəndxuda, bunun boğazına kəndir keçirib, dal həyətdə, mənim gözümün qabağında tut ağacından asarsan! Məlun, köpək! Sən bilirsənmi ki, sizin hamınızın canının, malının, külfətinin ixtiyarını Allah özü mənə tapşırıbdır?! Allahqulu. Bir Allah ki, camaatın ixtiyarını sənin kimi canavara tapşıra, elə Allaha mən bəndəlik eləmək istəmirəm! Pərvizxan. Cəld olun, aparın dilini kəsin! Allahqulunu çəkirlər. Allahqulu (fərraşları itələyir). Çəkilin kənara! Mənim oğlum getdi, qızım getdi, namusum ayaq altında tapdalandı, canım da gedir! Xan məni dara çəkdirməsə də, mən özüm dünyada bundan sonra yaşamayacağam! Heç kəsdən də bu saat qorxum yoxdur! (Xana) Xan, sənin atan Surxay xan mənim atamı qayadan atdırdı. Yazıq qayanın sinəsində bitmiş bir kola ilişib başı üstündə asılı qaldı. Quzğunlar, çalağanlar diri-diri onun bədənini sökdülər. Axırda kişinin quru sümükləri qayanın dibinə töküldü. Sən də məni dara çəkdirirsən, nə eyib elər?! Əlbət bir vaxt səndən və sənin övladından hayıf alan tapılar. Allahqulunu çəkib aparırlar. Pərvizxan. Həqiqət, ölməli məlunmuş! Mirzə İsmayıl. Allaha da səbb elədiyini eşitdiniz?! Belə adamın şərən də qətli vacibdir. Pərvizxan. Əlbəttə, vacibdir. Fərraş gəlib kənardan Mirzə Ismayıla başı ilə işarə edir. Mirzə İsmayıl (xana). Xan sağ olsun, qız hazırdır. Pərvizxan. Çox gözəl, ötürsünlər yatacaq otağına. Gedək, Mirzə, istəyirəm pəncərədən o məlun Allahqulunun çapalamasına tamaşa eləyim. Sonra da bir qədər istirahətə məşğul olam. Gedək! Gedirlər. Pərdə * * * İkinci pərdə Pərviz xanın sarayında bir otaq. Hərəmlər, hərəmxana əmələləri çalıb oynayırlar. Xacə (daxil olur). Xan təşrif gətirdi. Özü ilə də bir maral gətiribdir ki, yemə, ismə, xəttü-xalına, gül camalına, tamaşa elə. Hərəmlərdənbiri. Necə, yoxsa bizim hamımızdan gözəldir? Xacə. Ah! Sizin heç biriniz onun bərabəri ola bilməzsiniz. Baş hərəm. Gələr baxarıq. (O biri qadınlara) Dağılın buradan, heç kəs qalmasın! Hamı baş əyib gedir. Pərviz xan daxil olur. Baş hərəm təzim edir. Pərvizxan. Necəsiniz, salamatlıqdırmı? Başhərəm. Bizim salamat olub, ya olmadığımız sizə lazımdırmı? Sizin üçün öz rahatlığınız hər şeydən əfzəldir. Buyurub, kənddə istirahət eləyib, bir nazənin sənəm də qulluğunuzda gətiribsiniz. Guya buradakılar sizin üçün azdırlar. Pərvizxan. Ürəyinə başqa bir fikir gəlməsin, əzizim. Sən bu hərəmxananın baş hərəmi olub, həmişə öz yerində möhkəm əyləşəcəksən. Sən güman etmə ki, mən özüm üçün təzə bir kəniz gətirmişəm. Xeyr! Daha kifayətdir. Ancaq yetim və bilmərrə sahibsiz bir qız olduğundan gətirmişəm ki, hərəmxanada sizə qulluq eləsin. Başhərəm. Gətirsən də, gətirməsən də, sahibi-ixtiyarsan. Bizim nə sözümüz ola bilər? Pərvizxan. Mən sənə yenə deyirəm ki, xəyalına özgə fikir gəlməsin. (Əl çalır, qulam daxil olur.) Get, kənddən təzə gələn qızı buraya göndər. (Qulam baş əyib çıxır.) Onu sənin ixtiyarına verəcəyəm. Necə bir həyalı qız olduğunu görərsən. (Qız daxil olub qapıda dayanır.) Qorxma, yaxşı qız, yavuğa gəl. (Qız qısılaraq yavuğa gəlir.) Sən bu gündən bu xanımın qulluğunda olacaqsan. Onun gərək hər əmrinə sədaqətlə itaət eləyəsən. Anladınmı, yaxşı qız? (Qız başı ilə işarə edir. Xan baş hərəmə) Görürsən necə həyalı qızdır? İmdi özün bununla söhbət eləyə bilərsən. (Gedir. Ikinci hərəm daxil olur.) Başhərəm. Ay qız, adın nədir? Gülsənəm. Adım Gülsənəmdir. Başhərəm. Atan, anan çoxdanmı ölüblər? Gülsənəm. Anam çoxdan ölüb. Atamı da xanın üzünə ağ olduğuna görə, üç gün bundan qabaq boğazından asdılar. Başhərəm (ikinci hərəmə). İmdi bunun necə yetim qız olduğunu bildik. (Gülsənəmə) Neçə yaşın var, qızım? Gülsənəm. On altı. İkincihərəm. Yenə danışdır, bundan çox əhval bilmək olacaq. Başhərəm. Bacından, qardaşından nəyin var? Gülsənəm. Iki qardaşım var. Böyük qardaşımı xan bu səfər gələndə Rəhim xana satdı, apardılar. Bir balaca qardaşım var, o da evdə qaldı. Başhərəm. Bəs ona kim pərəstar olur? Gülsənəm. Bilmirəm. Başhərəm. Necə bilmirəm? Bəs sən onu necə sahibsiz qoyub gəldin? Gülsənəm. Mən özüm gəlmədim. Məni fərraşlar güclə çəkib gətirdilər xanın yanına. Oradan da buraya gətirdilər. Daha qardaşımdan xəbərim yoxdur. Başhərəm. Çox gözəl. Di get qızım, kənizlərin içində otur. Çağıranda gələrsən. (Qız gedir. İkinci hərəmə). Bu işlərdən nə görürsən? İkincihərəm. Iş aydındır. On altı yaşında bir qız, həqiqət də, hamımızdan gözəl. Bir az keçəcək ki, hamımızın üstümüzdə böyüklük eləyəcək. Başhərəm. Onda tədbir lazımdır. İkincihərəm. Tədbir nə ola bilər? Başını batırmaqdan özgə bir tədbir ola bilməz. Başhərəm. Ondan sonra xanın qəzəbinin qabağında durmaqmı olar? İkincihərəm. Nəticəsinə mən cavab verərəm. Başhərəm. Tədbirin nədir söylə? İkincihərəm. Burada, bizə əl-ələ verib işləmək lazımdır. Ona görə səndən bir söz xəbər alacağam. Ancaq gərək sualımdan qəzəblənməyəsən. Başhərəm. Qəzəblənmərəm, xəbər al! İkincihərəm. Pişxidmət Rəşidin sənə bənd olduğundan xəbərin varmı? Başhərəm. Bu nə növ sualdır eləyirsən? İkincihərəm. Vədində möhkəm dur, qəzəblənmə. Mən qulağımla eşitdiyimi deyirəm. Mətbəxdə aşpazla danışdığını eşitmişəm. Deyirdi ki, bir gün xanımı görməyəndə gecə yata bilmirəm. Başhərəm. Onun nə həddi var mənim adımı çəkir? Məgər bilmir ki, xan xəbərdar olsa, onun atasının sümüklərini qəbirdən çıxardıb odlar? İkinci hərəm. Eşq başa vurandan sonra, adam ölümə də həvəslə gedər. Ancaq İndi qəzəblənmək yeri yoxdur. Nə tənbeh lazımsa, sonra eləyə bilərsən. Hələlik düşməni aradan götürmək lazımdır. Sən Rəşidi xəlvət gətirt yanına, onunla bir növ mehriban söhbət elə, qaşgözlə ona bir para ümidlər ver. Sonra Gülsənəmin aradan götürülməsini ona təklif elə. Başhərəm. O bu təklifi qəbul elərmi? İkinci hərəm. O sözləri ki, mən eşitmişəm, nəinki baş və canla qəbul elər, hətta sənin yolunda öz atasının da başından keçər. Başhərəm. Sonra xanın öhdəsindən necə gələrsən? İkincihərəm. Hələlik onun adı kənizdir. Bir kəniz üstündə xan özünə zəhmət verib danışmaz. Ona nə var? Xanlığın qızlarının hamısının təəllüqü ona deyilmi? Gedib birini də gətirər. Onun üçün ya arvad ölümü, ya bir toyuq ölümü. Bir az söylənib oturacaq yerində. Amma vaxt ki, ona hərəm adı qoyub yuxarı başa addatdı, onda gərək biz hamımız buradan başımızı götürüb, çıxıb gedək. Başhərəm. Xan bu saat haradadır? İkincihərəm. Yorulub yatıbdır. Başhərəm. Xub, mən Rəşidi bu saat buraya çağırtdırıb, onunla danışaram. (O biri qapını açıb xacəni çağırır. Xacə daxil olur.) Mənim üçün bir qəlyan gətir. Rəşidi də bu saat xəlvətcə mənim yanıma ötür. (Xacə gedir. Ikinci hərəmə). Sən xanın yatacaq otağının qapısında gizlən. Elə ki oyandığını gördün, mənə tez xəbər ver, Rəşidi qaçırdım. İkincihərəm. Baş üstə, mən gedirəm. Gərək Rəşidlə elə bir şirin dillə danışasan ki, səndə ona məhəbbətin olduğuna dürüst inana. Başhərəm. Yaxşı, mehriban danışaram. Sən get, qapıdan uzaqlaşma. İkincihərəm. İşini xatircəm tut. (Gedir.) Xacə, əlində qəlyan, dalınca Rəşid daxil olur. Qəlyanı xanıma verib çıxır. Rəşid əli bağlı qapıda dayanır. Baş hərəm taxt üstündə əyləşmiş, qəlyan çəkir, hərdənbir gözünün altı ilə Rəşidə baxır. Bu minvalla neçə dəqiqə keçir. Sonra üzünü Rəşidə tutur. Başhərəm. Yavuğa gəl, Rəşid, səndən söz soruşacağam. Rəşid (yavuğa gəlib). Əmriniz nədir, xanım? Başhərəm. Sən mənim üzümə niyə belə məzlum baxırsan? Guya ürəyində dərmansız bir dərdin var? Rə şid. Sizin tək xanımın, Pərviz xan tək ağanın qulluğunda yaşayanın nə dərdi ola bilər? Başhərəm. Rəngin gün-gündən saralır. Yoxsa bir adama bəndsən? Hər kəsdirsə, deginən bu saat əmr edim versinlər sənə. (Rəşid dərin bir ah çəkir.) Niyə belə ah çəkdin? Rə şid. Bağışlayın, xanım, qulluğunuzda biədəblik elədim. Başhərəm. Səndən bir söz soruşacağam, doğru cavab ver. Rə şid. Yalan cavab verməyə həddim yoxdur, xanım. Başhərəm. De görüm, mən sənin xoşuna gəlirəmmi? Rə şid. Xanım, bu nə sualdır edirsiniz? Başhərəm. Sualıma cavab ver, ya deginən bəli, ya deginən xeyr. Rə şid. Xanım, mən nəkarayam, nə cürət eləyib belə şeyləri xəyalımdan da keçirə bilərəm? Başhərəm. Mən soruşduğumu bilirəm. Sənin də danışdıqlarını eşitmişəm. Rə şid. Atam sənə Qurban, xanım, məni Pərviz xanın qəzəbinə toxuma. Yoxsa bədənimin hər tikəsi bir kolda qalar. Hər nə deyiblərsə, ədavətlə deyiblər. Axı mən nə cürət edib sizin sözünüzü danışa bilərəm? Başhərəm. Dörd gün bundan qabaq mətbəxdə aşpazla nə danışırdın? Ha, rəngin qaçdımı? Görürsən, hamısını bilirəm. Di sualıma cavab ver! Rəşid (onun ayağına yıxılır). Xanım, məni balalarının başına çevir. Məni Pərviz xanın başına çevir. Bir qələtdir eləmişəm, anlamamışam. Artıqəksik söz danışmışam. Başhərəm. Dur ayağa. (Rəşid qalxır.) Eybi yoxdur, göyçək xanımların haqqında hamı danışar. Nə olar? Məgər nökər ürəyi ilə sair ürəklərdə təfavüt var? Hamının ürəyində məhəbbət ola bilər. Pərviz xan, məsələn, xandır, neçə min rəiyyətin canının, malının sahibidir. Bununla belə, məhəbbət nə olduğunu anlamır. Budur, hərəmxanasında on iki arvadı var. Onların hansına o, məhəbbət bağlayıb? Hər birindən doyandan sonra, gedib bir təzəsini gətirir. Buna məhəbbət deməzlər, bu, heyvanlıqdır. Budur, İmdi də kənddən bir təzəsini gətirib. Görək onunla neçə müddət dolanacaq. Amma biz arvadlar heyvanlıq axtarmırıq. Biz həqiqi məhəbbət axtarırıq. Sən mənim evimdə nökərsən. Sənin də dilindən məhəbbət sözü eşidəndə ürəyimiz oynayır. De görüm, aşpaza dediyin sözlər ürəkdən idi, ya yox? Rə şid. Ayağının altında Qurban kəsilim, xanım, mənə izin ver bu gün buradan çıxıb, başımı götürüb bir az uzaq yerə gedim. Başhərəm. Əgər doğrusunu söyləməsən, səni Pərviz xanın əlinə verəcəyəm. O da bilirsən ki, ətini kabab eləyəcək. Rə şid. Ay xanım, sənə atam, anam Qurban! Axı mən evi yıxılmış nə dedim? Başhərəm. Boynuna al, görüm mən sənin xoşuna gəlirəm, ya yox? Rə şid. Bu nə qələt idi mən elədim? Nə daş idi başıma saldım? Başhərəm. Axır sualımdır, cavab ver! Rə şid. Doğrusu, xanım, bir qələt eləyib demişəm, qəzəbin tutmasın. Başhərəm. Ürəkdən deyibsən, ya lağ ilə? Rə şid. Mənim nə həddim var sənə lağ eləyim. Ürəkdən demişəm. Başhərəm. Deməli, mən göyçək xanımammı? Rə şid. Məgər buna bir söz olar? Göyçək olmasaydın, Pərviz xan səni baş hərəm elərdimi? Başhərəm. Onu demirəm. Sənin gözündə necə? Rə şid. Vaxt ki mənim ağamsan, əlbəttə gözəlsən. Başhərəm. Açıq danış, yoxsa bu saat dərini soyduraram. Rə şid. Daha nə gizlətmək, gözəlsən! Başhərəm. Di al mənim əlimdən öp. Rə şid. Qələt elərəm, xanım. Başhərəm. Öp deyirəm sənə! (Rəşid onun əlindən öpür.) Necədir, dadlıdırmı? Rə şid. Daha nə söz ola bilər?! Başhərəm. Əgər mənim xahişimi əmələ gətirsən, mən də sənin hər xahişini əmələ gətirərəm. Bu gün əlimdən öpdün, sonra da anla nə deyirəm… Rə şid. Əmr elə, xanım, özümü suya qərq eləyim, bədənimi odlara atım, yandırım. Gözünün qabağında xəncəri ürəyimə çaxıb, qanımı sənin ayağının altına töküm. Başhərəm. Xeyr, mənim xahişim bunların heç birisi deyil. Xan kənddən təzə bir kəniz gətirib. Mən baxıram, o, cavan, məndən gözəl. Qorxuram bir azdan sonra xan onu bizim başımıza mİndirə. Əgər sənin ürəyində mənə məhəbbət varsa, gərək o qızın başını batırasan. Rə şid. Xanım, mənim öz canıma qüvvətim çatar. Onu da, necə ki, ərz elədim, sənin yolunda qoymağa hazıram. Ancaq mənə sən nahaq qan tökdürmə. Başhərəm. Bəs onda sənin məhəbbətin yalanmış. Rəşid (özünü dübarə onun ayağına atır). Xanım, al bu xəncəri, çax mənim ürəyimə, gör mən "uf" da deyərəmmi?! Amma mənim məhəbbətimə yalan demə… Nə buyurursan, hazıram. Başhərəm. Mən sabah o qızı xacələrin birisi ilə çay kənarına paltar yumağa göndərəcəyəm. Bir kolun dalından onu güllə ilə vurub öldürərsən. Əgər xacə eşidib, səni görüb-tanısa, eyb eləməz, onu da vurub öldürərsən. Qəbul eləyirsən? Rə şid. Qəbul elərəm, xanım, ancaq… Başhərəm. Bu saat hər şeyi qəbul elərsən. (Barmağı ilə üzünü göstərir.) Di buradan da bir öpüş ala bilərsən. Rəşid xanımın üzündən öpən halda Pərviz xan daxil olur. Rəşid qaçır. Pərvizxan. Ay ləçər, ay fahişə, bu on səkkiz ilin müddətində beləmi sədaqətlə dolanıbsan?! Bəs görünür on səkkiz il mənim öz binamusluğumdan xəbərim olmayıb! Mən Pərviz xan olum, tamam ətraf xanlar mənim adım gələndə titrəşməyə düşsünlər, amma evimin içində, öz hərəmim, baş hərəmim məni binamus eləsin? Yox!.. Yox!.. Burada qiyaməti bərpa edəcəyəm! Tamam hərəmxana əhlini qıracağam! Baxın, Pərviz xanın baş hərəmi öz ərinin gözünün qabağında nökərlə mazaq eləyir. Daha dünyada bundan da böyük biabırçılıq mümkündürmü? Bundan sonra hansı arvada etibar eləyəsən? (Əl çalır, xacələr daxil olurlar.) Gəlin aparın bu fahişəni salın zindana! Sabah buna bir cəza verim ki, cəmi hərəmxanaya ibrət olsun. O məlun Rəşidi də harada olsa, tapıb yanıma gətirərsiniz. Baş hərəmi aparırlar. İkincihərəm (daxil olur). Gördünmü arvadının vəfasını? Mən deyəndə, inanmırdın. Axırda onun əməlinə öz gözlərinlə tamaşa elədin. Deyirdin, ondan sədaqətli arvad yoxdur. Gətirib baş hərəm eləyib, bizim başımıza çıxartmışdın. İndi sədaqətli kim olduğunu görürsənmi? Pərvizxan. Hamınız bir nəsildənsiniz, hamınız fahişəsiniz, hamınızı qılınca səkdirəcəyəm! İkincihərəm. Bizlərdən bir xata görsən, baş üstə. Bir dəfə çəkdirmə, iki dəfə, beş dəfə qılınca çəkdir. Mən çox sevİndim ki, sən doğru ilə əyrini gördün. Pərvizxan. İmdi sabah görərsən ki, ona mən nə cəza verəcəyəm. Gərək onu sizin gözünüzün qabağında öz aşnası Rəşidə öldürdəm. Sonra Rəşidin bədənini iki parça eləyib, şəhərin darvazasına vurduram. İkincihərəm. Rəşid də taqsır nədir? Cavan oğlan göyçək arvadda eşqi görəndə, əlbəttə, susayacaq. Rəşid də taqsır yoxdur. Pərvizxan. Yox! O məlun böyük tənbehə layiqdir. Onun nə həddi var, məndən biizin mənim arvadımın otağına girsin! Mən ona tənbeh etməsəm, sair əmələnin də ağlı başına gəlməz. İkincihərəm. Mən sənə bundan da bədtərini deyərəm ki, xəbərin yoxdur. Ancaq qəzəbin tutmuş vaxtı deməyə qorxuram. Pərvizxan. Söylə görüm daha nə bilərsən? İkincihərəm. Doğrusu, qəzəbindən qorxuram. Pərvizxan. Söylə, yoxsa nəşini burada yıxaram yerə! İkincihərəm. Onun qızı da özü kimidir. Pərvizxan. Nə dedin, mənim qızım? İkincihərəm. Bəli, sənin qızın. Pərvizxan. Böhtan deyirsən, ləçər! Heç kəs mənim qızıma ləkə vura bilməz. Mənim qızım qızıl güldən təmizdir. İkincihərəm. Yalan olsa, hər bir cəzaya layiqəm. Sənin qızın Rəhim xanın göndərdiyi pəhləvanla aşnadır. Onun mərdanə güləşməyini görüb, bənd olubdur. Neçə dəfə onları bir yerdə görüblər. Amma qorxudan sənə xəbər verə bilməyiblər. Budur, qızın özü də gəlir. (Gedir.) Xanınqızı (daxil olur). Ata, mənim anamın günahı nə idi, onu zindana saldırıbsan? Ata can, vallah mənim anamın heç taqsırı yoxdur. Yalvarıram ata, ayaqlarından öpürəm, əmr elə mənim anamı zindandan çıxartsınlar. Pərvizxan. Sənin özünə anandan bəd tənbeh eləyəcəyəm! Xanınqızı. Mən nə günah eləmişəm, ata? Pərvizxan. Söylə görüm, Rəhim xan göndərən pəhləvanla sənin aranda nə var? Xanınqızı. Heç bir şey yoxdur, ata. Pərvizxan. Heç bir şey yoxdur? (Əl çalır, xacə daxil olur.) Çubuq hazır eləyin. Rəhim xanın yanından gələn pəhləvanı mənim yanıma gətirin. (Xacə baş əyib gedir.) Doğrusunu de, yoxsa səni soyundurub bədəninə ölüncə çubuq vurduracağam. (Xacə bir dəstə çubuq gətirir.) Soyundur bunu! Xanınqızı. Ata, rəhm elə, mənim günahım yoxdur. Pərvizxan. Çubuq dəyəndə boynuna alarsan. (Pəhləvanı gətirirlər). Yavuq gəl, qoçaq! (Pəhləvan yavuğa gəlir.) De görüm, nə hədlə mənim qızıma əl atıbsan? Pəhləvan. Xan sağ olsun, burada əl atmaq sözü yoxdur. Sənin qızın məni sevib, mən də onu sevmişəm. Aramızda da kəbin var. Pərvizxan. Bəs belə?! Elə olan surətdə mənim özüm sizə yaxşı kəbin kəsdirərəm. Xanınqızı. Ata, izin ver ikicə söz deyim. Sən məni Rəhim xanın oğluna nişanlandırıbsan. Mən gendən o oğlanı görmüşəm. Arıq, rəngi saralmış, yol gedəndə, deyirsən İndicə yıxılıb öləcək. Özünün də, deyirlər, başında bir tikə ağlı yoxdur. Amma sən bircə bu oğlana bax. Gör necə gözəl, necə şad, qüvvətli, boylu-buxunludur. Özü də məni sağ gözündən artıq istəyir. Rəhim xanın oğlu çox da olsun xan oğlu, mən qızıl təşti neyləyirəm içinə qan qusam. Mən bu şücaətdə oğlanı iki yüz Rəhim xanın oğlu kimi tülküyə dəyişmərəm. Mən bunu sevmişəm, nə bilirsən mənə elə! Ölümə də göndərsən, şövqlə gedəcəyəm! Onu da bil ki, boyum doludur. Pərvizxan. Ax, nə binamusluq, nə böyük biabırçılıq! Rəhim xana mən nə cavab verəcəyəm? Sən məni Rəhim xan kimi kişinin yanında xəcalətli elədin! Səni görüm iki dünyada üzün qara olsun! (Xacələrə, fərraşlara) Bunları aparın! Deyin daş və qum hazır eləsinlər! Gərək bunların ikisini də mənim gözümün qabağında diri-diri divar içində qoyub hörsünlər. Aparın ikisini də!.. Pəhləvan. Xan, bunların mənə gücləri çatmaz. Amma mən özüm gedib öz sevgilimlə bir qəbrə həvəslə daxil olaram. Xanınqızı. Gedək, əzizim. Əlvida, sevgili atam. Qulam (daxil olur). Xan sağ olsun, Rəşidi heç yerdə tapmaq mümkün olmur. Tamam ətrafı atlılar gəziblər, kənddən gətirdiyiniz qız da onunla bahəm qaçıbdır. Pərvizxan (qəzəbnak). Bu nə xəbərdir? Bu saat iki yüz atlı hər tərəfə salınsın və onların ikisinin də özlərini, ya meyitlərini tapıb gətirsinlər! Yoxsa, qanı su yerinə axıdaram. Ax, ax!.. (Başını tutub taxtın üstünə yıxılır.) Pərdə * * * Üçüncü pərdə Dağlar arasında qaçaqlar məskəni. İki nəfər qaçaqlardan Tağı və Heydər qazanda xörək bişirirlər. Bir nəfər yuxarıda əli tüfəngli qarovul çəkir. Qarovul (əlini gözünün üstünə qoyub, uzağa tamaşa eləyir). Heç bir qaraltı görünmür. Gedən yoldaşlardan da gözə bir nişan dəymir. Dəstəbaşımız da öz mağarasında əyləşib. Üç gündür nə isə bizimlə danışmaq istəmir. Ta ğ ı. Dəstəbaşının dərdini mən bilirəm. Onun nigarançılığı evindəndir. Bacısını xan çəkdirib aparandan sonra, evdə qalmış balaca qardaşının qeydi onu alıbdır. Heydər. Yox, o, atasının və bacısının hayfını almayınca, rahat olmayacaq. Ta ğ ı. Pərviz xanın adı gələndə cəmi aləm tük salır. Bədəl ona nə eləyə biləcək? Heydər. Dünyanın işini bilmək olmaz. Fələk çox Bədəl kimiləri yuxarı qalxızıb. Pərviz xan kimiləri ayaq altına salıbdır. Pərviz xanın camaatla rəftarı bir az da belə gedərsə, axırda tək qalar. Qarovul. Bir xan ki öz rəiyyətini qaramal kimi sata, o, rəiyyət məhəbbətini qazanamı bilər ki, çətinə də düşəndə rəiyyət onun arxasında dursun? Ta ğ ı. Rəiyyət alış-verişi eləyən bir Pərviz xan deyil, hamı xanlar bu işi tuturlar. Qarovul. Hamısının da axırı bir olacaq. Heydər. Doğru deyirsən, qardaşım. Biz qoçaq çıxdıq. Rəhim xana satılmış on beş nəfər silahlanandan sonra, dağlar arasına qaçıb, quldurluğa qurşandıq. Qaçmaq bacarmayanlar hamısı orada, burada boyunduruq altında qırılırlar. Heydər. Bəxtimiz onda kəsdi ki, bizim on beşimizi də bir adama satdılar. Yoxsa bölüşdürüb hər birimizi bir yana satsaydılar, hamımız puç olmuşduq. Ta ğ ı. Bədəltək igid yoldaş bizim aramızda olmasaydı, Rəhim xanın qulluğunda bizim ətimiz tökülüb, sümüklərimiz qalacaqdı. Bədəl içəridən çıxır, qaçaqlar qalxırlar. Bədəl. Gedən uşaqlardan bir xəbər yoxdur? Qarovul. Bu yerdən göz işlədikcə, dörd ətrafa baxıram, heç bir şey görsənmir. Ta ğ ı. Rəhim xanın adamları imdi bizi axtarmamış yer qoymayıblar. Qorxuram yoldaşlarımız girə keçələr. Bədəl. Mən Rəhim xandan qorxmuram. Heç kəsdən də qorxmuram. Bizim qaçdığımıza görə, Pərviz xanla Rəhim xanın aralarında, əlbəttə, ədavət düşəcəkdir. Bu da bizə əlverişli olar. İt itlə boğuşar, yolçunun işi avand düşər. Bizə bu dağların arasında heç bir qüvvət bata bilməz. Qarovul. İki qaraltı görünür, yəqin onlardır. Ta ğ ı. Ay Bədəl, nə olubdur sənə ki, necə gündür halın özünlə deyil? Yoxsa bir şeydən qorxursan? Əgər bir qorxu varsa, bizi də xəbərdar elə. Bədəl. Mən nədən qorxacağam? Uzaq başı ölümdür. Ölümdən də mən qorxan deyiləm. Ancaq məni çərlədən bir dərddir. Mən Bədəl olam, igidliyim hər yerdə danışıla, mənim atamı öldürüb, bacımı gəlib sürüyüb aparsınlar?! Yox, mən bu biabırçılığı yeyə bilməyəcəyəm və nə qədər də ki, hayıf almamışam, mən özümə gəlməyəcəyəm. Qarovul. Yoldaşlar özləri ilə bir gözü bağlı adam gətirirlər. Bədəl. Gətirsinlər görək, nə işdir. Yəqin geri qayıdası bir adamdır, istəmirlər yolu öyrənsin. Qaçaqlardan Xəlil və Şirin bir nəfəri gözü bağlı gətirirlər. Bədəl. Açın onun gözlərini, özünü də aparın bir kənarda saxlayın. Sonra danışdıraram. (Əsirin gözlərini açıb bir kənara aparırlar.) Xəlil, söyləyin görüm, nə iş görə bildiniz? Xəlil. Xoruzlar banlaşan zaman girdik kəndə. Hamı yatmışdı. Novruzqulunun evinə çatanda itlər üstümüzə gəldilər. İtlərin qabağına yanımızca götürdüyümüz bir parça əti atıb, yeridik qabağa. Qapını döydük. Novruzqulu oyanıb, xəbər aldı: "Kimsən?" Dedik: "Bizik". Səsimizdən tanıyıb qapını açdı, girdik içəri. Xoruzların üçüncü banınadək söhbət elədik. Deyir, camaatın canı boğazına yığılıb, bircə güllənin atılmasına məəttəldir. Xalqın gözü, deyir, Bədəldədir. Hamı, deyir, Bədəlin atlı, kəndin ortasına girməyini gözləyir. Deyir, camaatın sözü budur: belə yaşamaqdansa ölmək yaxşıdır! Bədəl (bir qədər fikirdən sonra). Novruzqulu yalançı kişi deyil. O, işin həqiqətini söyləyib. Mənim balaca qardaşımdan nə əhval bildiniz? Xəlil. Novruzqulu dua göndərib deyirdi, qardaşından hər barədə arxayın olsun. Hamımız ona atalıq, qardaşlıq eləyirik. Keçən il xan dara çəkdirdiyi Səfdər kişinin arvadını gətirib sənin evində qoyublar. Qardaşına müqəyyəd olur. Hər gün də dolanacağına lazım olan camaatdan verilir. Novruzqulu deyir, özümüz ac, çılpaq qalmağa razıyıq, amma Bədəlin qardaşını korluq çəkməyə qoymarıq. Bədəl. Qardaşlar, çox razıyam sizdən. Çox zəhmət çəkdiniz. Vaxtında Novruzqulunun da xəcalətindən çıxarıq. Gözü bağlı gətirdiyiniz kimdir? Xəlil. Bu adam bizə yolda rast gəldi. Dedi Bədəl xana vacib sifariş aparıram, onun yerini mənə göstərin. Biz də gözlərini bağlayıb gətirdik, ki, xəlvət yolu görməsin. Bədəl. Buraya gətirin onu. (Xəlil gedir.) Yoldaşlar, daha bundan sonra məni bikef görməsiniz. Bircə qeydim bacımın əsirlikdən qurtarmasıdır. O da sizin köməyinizlə mümkün olar. (Xəlil kişini gətirir.) Kimsən, nəçisən? Ki ş i. Mən Abdulla xanın yaxın adamlarındanam. Məni xan özü sənin yanına göndərib. Səninlə görüşüb, bir para işlər haqqında söhbət eləmək istəyir. Bədəl. Abdulla xanın qaçaqlar dəstəbaşçısı ilə nə alıb-verəcəyi ola bilər? Kişi. Xanın sizinlə və sizin yoldaşlarınızla vacib söhbəti var. Razı olsanız ikicə nəfər adamla gələr. Bədəl. Abdulla xan uzaqdadırmı? Ki ş i. Xeyr, bu yavuqda, çayın kənarında quş ovladır. Bədəl. O yerlər ki Pərviz xanın ovlağıdır? Ki ş i. Bəli! Bədəl. Pərviz xan ona quş ovlatmağa izin veribdirmi? Ki ş i. Xeyr. Abdulla xan buyurur ki, gərək Pərviz xanın ovlağını xaraba qoyam. Bədəl. Səbəbi nədir? Onlar ki, dost idilər? Ki ş i. Daha səbəbini bilmirəm. Bədəl. Get Abdulla xana mənim tərəfimdən ərz elə ki, hər vaxt buyursa, onun qulluğunda hazıram. Bu kişini aparın ötürün getsin. Bir nəfər onu aparır. Qarovul. Yolla bir atlı gedir, tərkində də dolu xurcun. Bədəl. İki nəfər gedin, görün kimdir, gətirin buraya. (İki nəfər gedir.) Bilirsinizmi, qardaşlar, biz, doğrudur, adımızı qaçaq-quldur qoymuşuq, amma bizim qəsdimiz yol adamlarını çapıb talamaq deyil. Birinci qəsdimiz çalışıb özümüzü və öz kasıb qardaşlarımızı Pərviz xan və Rəhim xan kimi qaniçənlərin caynaqlarından qurtarmaqdır. Bizim kimi evindən, eşiyindən didərgin düşənlər çoxdur. Onların hər birinin dalınca qalan gözlər var. Camaat xanların zülmündən təngə gəlib. Onlara bircə işarə eləmək lazımdır ki, hamısı bir adamtək xanların üzlərinə dursunlar. Odur ki, biz gərək qüvvəmizi artırıb, kəndlilərin arasına adam salıb, camaatı tərpədək. Ondan sonra asanlıqla məramımıza çatarıq... Ta ğ ı. Ondan sonra sən bizim xanımız olarsan. Bədəl. Heç kəs xan olmaz. Farağat çəkilib, xışımın dəstəsindən yapışsam, özümü xanların hamısından böyük hesab elərəm. Şirin. Bəs belə olan surətdə, biz burada nə yeyib dolanacağıq? Bədəl. Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər. Əlavə, mən demirəm ki, biz burada bikar oturacağıq. Dövlətli xandan, bəydən, tacirdən ələ keçdi, əlbəttə, soyacağıq. Amma kasıb-kusubla gərək heç kəsin işi olmasın. Dövlətlinin malı halaldır. (Qaçaqlar bir erməni gətirirlər.) Yolda gedən atlı bu idimi? Qaçaq. Bəli. Bədəl. Allah saxlasın, a kirvə, yaxına gəl görüm. Er məni. Ay xan, Qurbanın olum, məni balalarının başına pırlandır. Hər nəyim var verim, məni boşla gedim. İmdi balalarımın gözləri yoldadır. Bədəl. Mən xan deyiləm, yaxına gəl. (Erməni yavuğa gəlir.) Hardan gəlirdin? Erməni. Qurbanın olum, xan… Bədəl. Yenə mənə xan dedin? Bir də xan desən səni öldürərəm. Erməni. Yox, başığa dönüm, daha demərəm. Şəhərdən gəlirəm. Qızım üçün bir az yalavaşlıq almışam, aparıram. Sabah qızımın toyudur. Bədəl. Aç görüm nə alıbsan. (Erməni qorxa-qorxa xurcunun açır.) Elə bu? Er məni. Bə nə olar, başına dönüm? Mənim də gücüm buna çatır. Elə bunu al, məni boşla gedim. Istəmirəm, qızımı cehizsiz də yola salaram. Bədəl. Bu azdır, ay kirvə, bununla toy olmaz. (Çıxarıb pul verir.) Al bu beş qızılı, qayıt bazara, bir az da parçadan-zaddan al apar. Qızına əməlli toy elə. Erməni (qorxub, pulu almaq istəmir). Yox, Qurbanın olum, mənimlə zarapat eləmə. Pağır adamam, burax gedim. Həmişə sağa kilisada dua eləyim. Bədəl. Duan lazım deyil. Al pulu. (Erməni pulu alır). Di şeylərini də qaytar yığ xurcuna. (Erməni yığışdırır.) Di gedə bilərsən. (Yoldaşlarına) Uşaqlar, bunu salamat ötürün, getsin. Erməni. Allah səni öz pənahında saxlasın. Tavahqa eləyirəm zəhmət çəkib yoldaşlarınla mənim ğızımın toyuna gələsən. Bədəl. Yox toya gələ bilmərik. Ancaq hər kəs səndən soruşsa ki, bu bir belə pulu sənə kim verdi, deginən Allahqulu oğlu Bədəl. Erməni. Başığa dönüm, o Bədəl deyilən sənsən? Bəs səni bir yaman ğaniçən adam söyləyirlər? Bədəl. Qan içdiyimi gördün. Di get, nağıl elə. Erməni. Muraxas olum. Bədəl. Xoş gəldin. Er məni (gedə-gedə). Hər bazar günü sağa dua eləyəcəyəm. Bədəl. Get, nə qədər kefİndir dua elə. Erməni gedir. Abdulla xan iki nəfərlə daxil olur. Abdullaxan. Bədəl sənsənmi? Bədəl. Bəli, mənəm. Mənə görə qulluğun nədir, xan? Abdullaxan. Xahiş edirəm burada səndən və məndən başqa adam qalmasın. Bədəl (yoldaşlarına). Kənara çəkilin. Hamı gedir. Abdullaxan (adamlarına). Siz də gedin, o yanda məni gözləyin. (Adamlar gedirlər, Bədələ) İmdi əyləş söhbət eləyək. Hər ikisi daş üstündə əyləşirlər. Abdullaxan. Bilirsənmi mən sənin yanına niyə gəlmişəm? Bədəl. Buyur xan. Abdullaxan. Buraya gəlməkdən qəsdim, səndən özümə kömək istəməkdir. Bədəl. Xan, mən bir balaca adamam. Beş-on yoldaşla sənə nə kömək verə bilərəm? Abdullaxan. Sənin igidliyin hər yerdə söylənir. Pərviz xanın əlindən rəiyyəti cana doyub. Hər dəqiqə onun üstünə hücuma hazırdırlar. Ancaq başbilənləri yoxdur. Sənin kimi bir igid onların qabağına düşsə, hamısı onun dalınca gedərlər. Odur ki, sənin mənə çox köməyin dəyə bilər. Mənim beş yüzdən ziyada atlım var. Hamısının da sərkərdəliyini sənə verərəm. Sənin ürəyin Pərviz xandan dağlanıb. Mən də gərək onun həftad püştünə od vuram. Bədəl. Sizin aranızda, ədavət olduğunu mən eşitməmişəm. Abdullaxan. Üç il bundan qabaq o mənə bir yara vurub, hələ də sağalmır. Bədəl. Necə yara? Abdullaxan. Bu əhvalatı hamı bilir. Mən Abdulla xan olam, hamı bəylərin, xanların yanında mənim hörmətim olsun, amma Pərviz xan mənim köpəyimi öz köpəyinə boğdursun? Mən bu binamusluğu heç vaxt yeyə bilmərəm. Bədəl. Ay xan, iti boğulmaq nə böyük işdir? Abdullaxan. Sən bilmirsən, oğul. Biz xanların arasında adamın ya iti boğuldu, ya özü, heç təfavütü yoxdur. Mən gərək Pərviz xanın özünü it kimi boğam. Bədəl. Xan, sənin bu təklifin ürəkdəndir, ya dildən? Abdullaxan. Abdulla xan yalan danışmaz. Mən sənə xalis ürək sözümü dedim. Əlini mənə ver. Sən mənə köməkçi, mən də sənə. Bədəl (bir az fikir edib). Al, bu da mənim əlim. Hazıram. Abdullaxan. Mən gedirəm, hər hazırlığımdan hər vaxt səni xəbərdar edəcəyəm. Bə dəl. Çox gözəl, etibar elədiyin adamlardan bir neçəsini dilənçi, ya çərçi sifəti ilə sal Pərviz xanın kəndlərinə, camaatı hazırlasınlar. Abdullaxan. Gözəl məsləhətdir, elərəm. Salamat qal. (Əl verir.) Bə dəl. Xoş gəldin, xan. Yaxşı olardı, əyləşəydin bir quzu kəsdirəydim. Abdullaxan. Çox sağ ol. Sənin mənimlə birləşməyin özü bir böyük qonaqlıqdır. (Gedir.) Bədəl (onu ötürüb qayıdır). Yoldaşlar, buraya yığılın. (Yoldaşları cəm olurlar.) Qardaşlar, az keçər ki, hamımız yenə evlərimizə qayıdıb kasıbçılığımızla məşğul olarıq. Şirin. Yoxsa, Pərviz xan bizim taqsırımızdan keçib və Abdulla xanı da buraya təvəqqe üçün göndərib? Bədəl. Yox, Abdulla xan bizimlə bir yerdə onun üstünə gedəcək. Şirin. İnanma, Bədəl. Adam xana inanmaz. Xan xanın ayağını basmaz. Axırda yenə hər nə toxunsa bizə toxunacaq. Bədəl. Yox, elə deyil. Bizim birimizin bacısını çəkiblər, birimizin qızını çəkiblər. Kiminin atasını öldürüblər, kiminin oğlunu atasının gözünün qabağında satıblar. Bunlar çox böyük zülmdür. Amma Abdulla xana dəyən zülm bunların hamısından yamandır. Yoldaşlar. Nə zülm? Nə zülm? Bədəl. Pərviz xanın köpəyi Abdulla xanın köpəyini boğubdur. Yoldaşlar gülüşürlər. Şirin. Doğrudan da böyük zülmdür. Xanın iti boğula, hayfını çıxmaya? Onda gərək xanlığından əl çəksin. Bədəl. Həqiqət, zarafata salmayın, yoldaşlar, xan iti boğulmaq böyük işdir. Səfi və bir nəfər yoldaşı Mirzə İsmayılla Rəcəb kəndxudanı qolu bağlı gətirirlər. Bədəl. Bəh!.. Bəh!.. Nə gözəl qonaqlarımız gəlirlər! Bu böyüklükdə qurbanları hardan ovladınız? Səfi. Doğrusu, axır günlərdə biz sənin üzünə baxa bilmirik. Səni bikef gördükcə ürəyimiz qana dönürdü. Axır fikirləşdik ki, gedib buna bir yaxşı peşkəş gətirək, bəlkə kefi açıla. Gecə, xəlvət gedib girdik kəndə. Uşaqlardan bir neçə nəfər götürüb, gedib Mirzə İsmayılın yatdığı yerdə ağzını bərk bağlayıb, evindən çıxarıb çəkdik xanlıq dəyirmana. Orada qoyub, getdik Rəcəb kəndxudanın üstünə. Birbaş girdik evinə, “kimsən” deyib, qalxan kimi iki tərəfdən tüfəngi dayadıq qabırğasına. Səsini orada kəsdi. Onu da apardıq dəyirmana. Orada hər ikisinin qollarını qıs-qıvraq bağlayıb gətirdik qulluğuna. Bundan sonra bunların ixtiyarı sənin əlindədir. Istərsən öldür, istərsən dirilt. Bədəl. Çox razı oldum sizdən, qardaşlar. Belə qulluğa candan keçmək deyərlər. Həqiqət, dəyərli peşkəş gətiribsiniz. (Mirzə İsmayıla) Mirzə İsmayıl! Əhvalın necədir, salamatsanmı? Mirzə İsmayıl. Daha mən nə söyləyim, əhvalımın necə olduğunu görürsən. Bədəl. Görürəm, yaxşı görürəm. Bəs bilmirdinmi ki, xan evində yediyin plovu bir gün burnundan tökərlər? Güman edirdin ki, həmişə xan qulluğunda qalıb, yeyib yatacaqsan? Mirzə İsmayıl. Ay Bədəl xan... Bədəl. Xan özünsən, hər bir quldura xan deməyə dilin öyrənib. Mənim atamı xana çuğullayıb, boğazından çəkdirəndə, bacımı sürüyüb xanın yatacaq otağına salanda mənə xan demirdin, İmdi nə olubdur? Mirzə İsmayıl. Biz ata-babadan xan evində, xan qulluğunda, xan çörəyi ilə böyümüş adamlarıq. Sədaqətlə xanlara xidmət eləmək bizim vəzifəmiz olubdur. Başqa qulluğu nə görmüşük, nə də eşitmişik. Biz rəiyyəti xanın qapısında gəzən dördayaqlıdan ayırmamışıq. Bu taqsır da bizdə deyil. Bizə ata-babadan verilən tərbiyədir. Bədəl. Bəli, sənin sözünü eşitdik. İmdi, Rəcəb kəndxuda, buyur görək sənin üzrün nədir? Bu kişi at-babadan, necə ki, söylədi, xan qulluğunda olub. Xana doğruluqla qulluq eləyir. Sən ki, ay yekəbaş heyvan, kəndli oğlusan, kənddə yeyib, içib böyümüsən, sənə nə düşübdü bu müftəxorlara qoşulub, rəiyyəti xanın ayağına verirdin? Kənddə qız qalmadı çəkib aparıb xana verməyəsən. Kəndin neçə igidlərini güdaza verdin. Tfu sənin sifətinə! İmdi özün de görüm, sənin cəzan nədir? Rəcəbkəndxuda. Bədəl, əmioğlu, Qurbanın olum, bir qələtdir eləmişəm. Başımı daşın böyüyünə döymüşəm. Məni Allahqulu əminin goruna bağışla. Burada məni yanında saxla, sənə it kimi qulluq eləyin. Bədəl. Sənin qulluğun mənə lazım deyil. (Yoldaşlarına) Çəkin bunu daşın dalına rahat eləyim. Rəcəbkəndxuda (Bədəlin ayaqlarına yıxılır). Atam, anam sənə Qurban, Bədəl. Mənim balalarımı yetim qoyma. Bədəl. Sən özün az balalar yetim qoymayıbsan. Sürüyün bunu buradan! (Rəcəb kəndxudanı sürüyüb aparırlar.) Mirzə Ismayıl, İmdi sənin axır sözün nədir? Mirzə İsmayıl. Mənim bir sözüm yoxdur. Mənim ixtiyarım sənin əlindədir. Öldürmək, ya bağışlamaq səninlədir. (İki güllə səsi gəlir.) Xahiş elərsən, sənin yanında qalıb, sədaqətlə xidmət elərəm. Sənə bir savadlı adam lazımdır... Rəcəb kənxudanı aparanlar qayıdırlar. Bədəl. Necə oldu? Yoldaşlardan biri. Sağ-salamat göndərdik atababasının yanına. Bədəl. Çox gözəl. (Mirzə İsmayıla) Biz öz başımızın çarəsini özümüz eləyəcəyik. Qarnı xanlıq aşpazxanasının qazmağı ilə dolu olanlardan bizə fayda çatmaz. (Yoldaşlarına) Uşaqlar, bunu da aparın Rəcəb kəndxudanın yanına. Bunları bir-birindən ayırmaq günahdır. Mirzə İsmayılı aparırlar. Qarovul. Yuxarıdan bir nəfər atlı, tərkində bir qız, çaparaq buraya gəlir. Bədəl. Yəqin hər kəs isə, qız götürüb qaçıb, bizə pənahlanmağa gəlir, qoy gəlsin görək. (İki güllə atılır.) Bəli, Mirzə Ismayıl da təşrif apardı. İmdi növbət Pərviz xanındır. Qardaşlar, doğrudur, hər yerdə məni igid söyləyirlər, amma İndiyədək heç kəsin nə malına və nə canına qəsd eləməmişəm. Yanımda toyuq başı kəsiləndə üzümü kənara tutmuşam. Amma bu məlunların ölümü mənə ləzzət verir. Qaçaqlardan biri. Niyə, bir oymağın adamları deyilikmi? Səni kim tanımır? Rəşid, yanında Gülsənəm, daxil olur. Gülsənəm. Ölümüm ayağının altında olsun, ay qardaş! Yüz şükürlər olsun ki, səni gəlib sağ-salamat tapdım. (Özünü Bədəlin üstünə atır.) Bədəl (onu qucaqlayır). Əziz bacım, xoş gəldin. Daha mənim bir qeydim qalmadı. Bəs bu səni gətirən oğlan kİmdir? Rə şid. Mən Pərviz xanın pişxidmətlərindənəm. Adım Rəşiddir. Bu qızı gətirdilər xanın evinə. Baxdım ki, hərəmlər bunu, gözəlliyinə görə, öldürəcəklər. Doğrusu, mən özüm kəndli balasıyam, bir kəndli qızının mənim gözümün qabağında öldürülməsini namusum götürmədi. Bunu qapıda görüb dedim, bacı, sən buradan qaçmasan, səni öldürəcəklər. Gəl mən səni qaçırım. Qız razı oldu. Pərviz xanın atlarının bir yaxşısını yəhərləyib, minib, bunu da tərkimə alıb qaçdım. Hara qaçdığımı özüm də bilmirdim. Kəndbəkənd gəzib orada, burada gizləndik. Sonra sənin Rəhim xanın yanından yoldaşlarınla qaçdığın xəbəri yayıldı. Bu ağlayıb özünü öldürdü ki, gərək məni qardaşıma yetirəsən. Budur, mən də gətirdim. Bədəl. Çox razıyam, qardaşım. Adın Rəşiddir, yəqin özün də Rəşid sən. Rəşid. İzin olsa, mən də həmişəlik burada, sizin yanınızda qalaram. Bədəl. Çox yaxşı olar. Qardaş, sənin bu yaxşılığın əvəzində sənə bir layiqli ənam verəcəyəm. Onu da Pərviz xanın nəşinin üstündə alacaqsan. Yoldaşlar, buraya yığılın! (Yoldaşlar cəm olurlar.) Yoldaşlar daha biz burada qala bilmərik. Pərviz xan, Mirzə İsmayılın və Rəcəb kəndxudanın oğurlandığını eşidib, yəqin gəlib kəndi dağıdacaq. Ona görə gərək özümüzü kəndin köməyinə yetirək. Kənd və bizim gəlməyimizi gözləyir. Hazırlaşın, qaranlıq düşən tək gərək buradan tərpənək. (Rəşidi göstərir). Bu oğlan da ki, mənim bacımı əsirlikdən qurtarıb, bizim yoldaşımız və qardaşımız olacaq. Az keçər, qardaşlar, Pərviz xan xaraba qoyduğu yerlərdə abadlıq görərsiniz. Camaatımız xan caynağından qurtarıb öz əlinin əməyini rahat yeyib yaşayar. İmdisə, yoldaşlar, bir qədər kef çəkməyin eybi yoxdur. Bir az çalıb-oynayıb yola düşərik. Balaban çalınır. Cavanlar oynayırlar. Pərdə * * * Dördüncü pərdə Pərviz xanın sarayı. Böyük, şeyləri dağınıq bir otaq. Xacələr otağın şeylərini dişarı çıxardırlar. Pərviz xan, əlində tüfəng, əsəbi halətdə otaqda gəzinir. Sadıq bəy daxil olur. Pərvizxan. De görüm, nə xəbər var? Sadıqbəy. Nə xəbər olacaq?! Abdulla xan xanlıq qoruqda çadırlarını qurub əyləşib. Xanlığın hər yerindən də ona kömək gəlməkdədir. Pərvizxan. Mənim öz camaatım mənim üzümə ağ olub, düşmənimə kömək verir. Heydərxanlı atlıları gərək bu gün özlərini buraya yetirələr. Oradan da bir xəbər yoxdur. Mirzə İsmayıl, bilmirəm, hansı cəhənnəmə gedibdir. Budur, bir həftədir ondan kağız yoxdur. Hətta Abdulla xanın mənim üstümə yerimək xəbərini eşidən tək Mirzə Ismayılın üstünə çapar göndərmişəm. O da İndiyədək qayıtmayıb. Nə qədər fikir edirəmsə, bir şey anlaya bilmirəm. Çıx əmr ver, təzədən Heydərxanlıya bir çapar göndərsinlər. Bəlkə Abdulla xanla bizim danışığımız qurtarınca atlılar özlərini yetirələr. Sadıqbəy. Xan, Heydərxanlıya çapar göndərməyin faydası yoxdur, göndərsək də gedib gəlməyəcək. Pərvizxan. Bu nə sözdür? Nə demək istəyirsən? Mənimlə açıq danış. Sadıqbəy. Bağışlayın, xan. Biz ancaq iki yüz nəfər atlı cəm edə bilmişik. Onlara da artıq ümid bağlamaq olmaz. Bərkə düşəndə hamısı üz döndərəcəklər. Rəhim xana satdığınız Bədəl Allahqulu oğlu bu saat yoldaşları ilə bir yerdə əyləşib Heydərxanlıda. Tamam kənd əhli də yaraqlı, əsləhəli onun buyruqlarına itaət eləməkdədirlər. Pərvizxan. Bəs Mirzə İsmayıl niyə İmdiyədək mənə bir məlumat vermir? Mən bu əhvalatı bilsəydim, Abdulla xanla özgə dillə danışardım. Sadıqbəy. Xan, Heydərxanlıda bu saat nə Mirzə İsmayıl və nə də Rəcəb kəndxuda var. Pərvizxan. Necə olublar? Sadıqbəy. Onların hər ikisini, gecə yatdıqları yerdə, Bədəlin adamları oğurlayıblar və yəqin ki, öldürüblər. Pərvizxan. Bəs bu xəbəri indiyədək mənə niyə gətirməyiblər? Sadıqbəy. Kim gətirəcək? Heydərxanlıdan buraya bir nəfər gəlmir. Siz göndərən adamları da öldürməyiblərsə də, tutub kənddə saxlayıblar. Pərvizxan (bir qədər fikirdən sonra). Deyirsən iki yüz atlın var? Sadıqbəy. Bəli, ancaq toplamaq mümkün oldu. Pərvizxan. Rəhim xandan da neçə gündür bir xəbər yoxdur. Onun atlıları bu günədək gərək burada olaydılar. Sadıqbəy. Xan, məgər Rəhim xan sizə kömək göndərər? Pərvizxan. Necə göndərməz? Bəs niyə Rəhim xan Xudayar xanla dava eləyəndə mən ona üç yüz nəfər Heydərxanlı atlısı göndərdim? Və onların köməkliyi ilə Rəhim xan qalib gəldi. Sadıqbəy. Özünüz bir fikir edin? Rəhim xana on beş nəfər Heydərxanlı cavanlarından satdınız. Onlar da Rəhim xandan aldıqları silahları götürüb, onun mal-qoyununu da qabaqlarına salıb, dağlara çəkildilər və quldurluğa qurşandılar. Qızınızı Rəhim xanın oğluna verməyi vədə etdiniz, o da baş tutmadı. Bundan sonra Rəhim xan sizə köməkmi verər? Pərvizxan. Məgər Rəhim xan anlamırmı ki, Abdulla xan məni məğlub eləyəndən sonra güclənib, Rəhim xanı da rahat qoymayacaq. Rəhim xan öz canını saxlamaqdan ötrü gərək mənə kömək versin. Sadıqbəy. R ə h i m xanın Abdulla xanla bir ədavəti yoxdur. Hələ, necə ki, sizə məlumdur, aralarında qohumluq da var. Rəhim xanın qızı Abdulla xanın oğlundadır. Əlavə, lazım olan vaxt Rəhim xan İrandan kömək də ala bilər. Bunun üçün ancaq İran şahlarının təhti-himayələrinə keçmək lazımdır. Pərvizxan. Məgər mən də bu yolla kömək ala bilmərəm? Sadıqbəy. Gecdir, xan. Düşmən ətrafı bürüyüb, hətta sizə qaçmaq yolu da qoymayıblar. Pərvizxan. Onda sən mənə bir məsləhət tök. İşdən çıxmış, neçə belə çətinliklərə düşmüş adamsan. Sadıqbəy. Məsləhət yolu qalmayıbdır. Xan, ya gərək Abdulla xanın istədiyini verəsiniz, ya onunla davaya girişəsiniz. Pərvizxan. Abdulla xanın təklifi məgər eşidiləsidir? O məndən xalqımın yarısını və on min qızıl pul tələb eləyir. Mən də cavabında ona məktub göndərib yazmışam ki, biz xırda xanların hamısının başlarının üstündə İran kimi böyük bir düşmən durubdur. Onun müqabilində biz ancaq birləşməklə davam gətirə bilərik. Bizim aramızda ədavət olarsa, təklikdə bizi asanlıqla yox eləyərlər. Bunu yazandan sonra ona on beş kənd və iki min də qızıl təklif eləmişəm. İmdi cavab gözləyirəm. Yəqin təklifimi qəbul eləyəcək. Ondan sonra, mən bilirəm üz döndərən, nəməkbəhəram kəndlilərin başlarına nə müsibət gətirəcəyəm. Sən daha get qoşunlarının yanına. Hər halda bizə hazırlıq lazımdır. (Sadıq bəy gedir. Pərviz xan, başını tutmuş, otaqda gəzinir. Qasid daxil olur.) Hə, nə xəbər gətirdin? Qasid. Xan sağ olsun, Abdulla xan kağızı oxuyandan sonra sərkərdələrini yığıb məsləhət elədi. Sonra məni çağırıb buyurdu ki, Pərviz xanla daha heç bir danışığa girməyəcəyəm. Hətta ondan istədiyimi də versə qəbul eləməyəcəyəm. Mən gərək onun bütün xanlığına sahiblənim. Heydərxanlı Allahqulu oğlu Bədəl də neçə yüz atlı ilə oradadır. Məni kənara çağırıb dedi, gedib xanına deyərsən, Abdulla xanla barışsa da işi mənimlə olacaq və Abdulla xanı onunla barışmağa da mən qoymuram. Pərvizxan. Çıx, cəld Sadıq bəyi geri döndər. (Qasid çıxır. Pərviz xan başını tutmuş halda otaqda gəzinir və tez-tez gedib pəncərədən baxır. Sadıq bəy daxil olur.) Sənə məlum etməliyəm ki, bizim müharibədən savayı başqa yolumuz qalmayıbdır. Abdulla xan bizim təklifimizi rədd eləyibdir. Əgər Abdulla xanın qoşununa faiq gəlsəniz, məndən istədiyi on min qızılı sənə və sənin sərkərdə yoldaşlarına vədə eləyirəm. Get, qardaşım. Sadıqbəy. Biz davaya hazırıq və dava da eləyəcəyik. Ancaq Abdulla xanın qoşunu beş bizimki qədərdir. Pərvizxan. Səngərlərinizi bacardıqca möhkəm edin. Atlılara mümkün olduqca ürək verin və mənim tərəfimdən onlara yaxşı ənamlar və xələtlər vədə eləyin. Sadıqbəy. Baş üstə, xan. Əlimizdən gələn qədər çalışacağıq. Daha mən gedim. Pərvizxan. Get, qardaşım, get, oğlum. Sadıq bəy gedir. Xan divanəvarı gəzinir. Başhərəm (sabiq ikinci hərəm, daxil olur). Əzizim xan, bu nə işdir? Deyirlər bu saat Abdulla xanla dava başlayırsan? Pərvizxan. Bəli, başlayıram, sənlik nə var? Başhərəm. Məgər heç hərəmxananın fikrini çəkməyibsən? Bəs biz haraya qaçacağıq? Pərvizxan. Siz qaçacaqsınız cəhənnəmə, gora! Nə bilim haraya qaçacaqsınız? Mənim başıma gələn müsibətlərin hamısının səbəbi sən məlunsan! Başhərəm. Dahı gör nə var? Mən niyə səbəb oluram? Mən nə eləmişəm? Pərvizxan. Daha nə eləyəcəksən? Baş hərəm olmaq üçün mənə öz arvadımı öldürtdün. Öz əlimlə qızımı divar arasına qoyub hördürdüm. İmdi mənim qızım Rəhim xanın evində olsaydı, Abdulla xan heç vaxt mənim üstümə ayaq almağa cürət eləməzdi. Başhərəm. Qızıyın aşnabazlıq elədiyini mən ki, sənə yalandan demədim. Arvadıyın Rəşidlə öpüşdüyü gözünlə görmədinmi? Pərvizxan. Gördüm, gözümlə gördüm. Məgər mənim hərəmxanamda bir salamat arvad var? Hamınız fahişəsiniz. Bu saat sənin başını öz əlimlə kəsəcəyəm, məlun! (Boğazından yapışıb yıxır yerə, xəncəri çəkir.) Başhərəm. Ay haray, ay aman, qoymayın! Hüseyn (cəld daxil olub, xanı itələyir). Kənar ol! Pərvizxan. Sən nəçisən? Nə ixtiyarla buraya daxil oldun? Hüseyn. Mənim gözümün qabağında heç kəs sevgilimi öldürə bilməz! Pərvizxan. Nə söyləyirsən, namərbut? Kİmdir sənin sevgilin? Başhərəm. Sevgilisi mənəm, mən! Sən hərəmxananı arvadla doldurub, hamısını yoxsa itaətdə bilirsən? (Hüseynə qısılır.) Pərvizxan. İkinizi də burada parça-parça eləyəcəyəm. Nacinslər, nəməkbəhəramlar! (İstəyir üstlərinə getsin, Hüseyn onu itələyib yıxır, baş hərəmlə otaqdan çıxır. Xan, əlində xəncər, onların dalınca yüyürür. Atışma başlanır, nökər xanı gətirir otağa.) Nökər. Xan sağ olsun, hər tərəfdən güllə dolu kimi yağır. Özünü xataya toxuma. Əyləş otaqda. Biz, nə qədər canımız var, dava edəcəyik. Pərvizxan. Getmə, dayan burada mənim yanımda, getmə. (Özünü taxtın üstünə yıxıb, gözləri böyümüş halda o yan-bu yana baxır. Atışma getdikcə artır və yavuqlaşır.) Sərkərdə (daxil olur). Xan sağ olsun, qoşun davam gətirə bilmir. Abdulla xanın atlıları dolublar kəndə və xanlıq tikililərinə od qoyublar. Od gəldikcə saraya yavuqlaşmaqdadır. Buradan sizin yayınmağınız lazımdır. (Çıxır.) Pərvizxan. Mən xan deyiləm, heç zad deyiləm. Mən yırtıcı köpəyəm, canavaram, cəlladam! Ayağımı buradan bir qədəm də kənara qoymayıb, ölüncə qalacağam. (Nökərə) Tüfəngi doldur, buraya ver. (Nökər tüfəngi sümbə ilə lüləsindən doldurub verir. Xan atır.) Ölməkdən qabaq bu məlunlardan gərək bir neçəsini cəhənnəmə göndərim. (Xan bir tüfəngi tuşlayıb atınca, nökər o biri tüfəngi doldurub hazır edir.) O biri tüfəngi ver buraya! (Atır.) Al, bunu doldur. Bax, o atlını gözlə. (Atır.) Gör atdan necə də dəydi yerə. Al bunu, o birisini ver. (Atır.) Bu da birisi. Afərin, Pərviz xan! Bu da biri. Atışma daha da şiddət eləyir. Xan güllə atmaqda davam edir. Alov evi əhatə edir. Pəncərədən bir güllə nökərə dəyir. Nökər yıxılır. Xan qəfəsə düşmüş vəhşi heyvan tək özünü o yan-bu yana çırpır. Bədəl və Rəşid daxil olurlar. Pərvizxan. Sən kimsən? Bədəl. Xan sağ olsun, yoxsa tanımırsan? Pərvizxan (divanəvarı). Yox, tanımıram! Bədəl. Mən boğazından asdırdığın Allahqulunun oğlu, zorla çəkdirib apardığın Gülsənəmin qardaşı, Rəhim xana yüz əlli qızıla satdığın Bədələm. Pərvizxan. Sən nə ixtiyarla öz xanının üstünə gəlirsən? Bədəl. Nə ixtiyarla? Bu ixtiyarla! (Güllə ilə vurur. Xan yıxılır.) Daha ürəyimdə dərdim qalmadı. Axırıncı hayıfı aldım. (Ayağını qoyur xanın bədəninin üstünə). Rəşid, yavuğa gəl. Mən bu xanın nəşinin üstündə sənə bir xələt vəd eləmişdim. Bu peşkəs mənim bacımdır ki, burada sənə verirəm. Rə şid. Çox gözəl, bu mənim ürəyimdən keçən peşkəşdir. Gəl qardaş, bu fəthdən sonra bir şirin öpüşək. Qucaqlaşıb öpüşürlər. * * * Kitabxana.az · https://kitabxana.az/collections/haqverdiyev-kohne-dudman İctimai mülkiyyət (müəllifin vəfat ili: 1933). Public domain (author died 1933). Original text only.